sag
line decor
  MUZEY HAQQINDA   ::   STENDLƏR  ::   Heydər ƏLİYEV və AZƏRBAYCAN PARLAMENTİ   ::   SƏNƏDLƏR  ::   FƏXRİ QONAQLAR 
line decor
   
 
SƏNƏDLƏR

Azərbaycan Respublikasının Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarında yaranmış vəziyyət haqqında
AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN
Q Ə R A R I

Azərbaycan Respublikasının Milli Məclisi qeyd edir ki, son zamanlar Azərbaycanda yaranmış gərgin ictimai-siyasi və hərbi vəziyyətdən istifadə etməyə çalışan bir sıra qanunsuz silahlı birləşmələr Azərbaycanın dövlətçiliyinə və ərazi bütövlüyünə xəyanət etmək qəsdinə düşmüşlər. Belələrindən biri Lənkəranda uzun müddətdən bəri Ələkrəm Hümmətovun başçılıq etdiyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə tabe olmayan qanunsuz silahlı birləşmədir.

Ələkrəm Hümmətov ələ keçirdiyi silahlı qüvvələrdən istifadə edib Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarının əhalisini təzyiq altında saxlayır, onlara qarşı qanunsuz hərəkətlər edir, dövlət orqanlarına hədə-qorxu gəlir, onları özünə tabe olmağa məcbur edir. O, silahlı təzyiqlə Lənkəran şəhərində və qonşu rayonlarda hədə-qorxu yolu ilə şəhər və rayon xalq deputatları Sovetlərinin sessiyalarını keçirmiş, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına zidd olan qərarlar qəbul etdirmişdir.

Ələkrəm Hümmətov onun qanuna zidd və cinayətkar hərəkətlərinə etiraz edənlərə zorakılıq edir, divan tutur, onları həbs edir. Heç bir səlahiyyəti olmadan Ələkrəm Hümmətov cinayət əməllərinə görə həbsdə olan Ə. Quliyevi və R. Nuriyevi azad etmək haqqında göstəriş vermişdir. Bu qanunsuz göstərişini yerinə yetirmədiyinə görə Cəlilabad rayon prokuroru K. Tağıyevi həbs etməyə cəhd göstərmiş, onu tapa bilmədikdə rayon prokurorluğunun işçilərindən M. Kazımovu, K. Qasımovu, S. Mirzəyevi və rayon polis idarəsinin rəisi A. Hacıyevi zor gücünə Lənkərana aparıb həbs etdirmişdir. Astara rayon polis şöbəsinin rəisi İ. Quliyev də Ələkrəm Hümmətovun qanuna zidd tapşırıqlarını yerinə yetirmədiyinə görə girov götürülmüşdür. Lənkəran şəhər İcra hakimiyyətinin başçısı H. Məmmədov Ələkrəm Hümmətovun göstərişlərini yerinə yetirmədiyinə görə həbs olunmuşdur.

Ələkrəm Hümmətov özünü qondarma "Talış-Muğan Respublikası"nın ali baş komandanı elan etdikdən sonra Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarında qanuni yolla təyin edilmiş icra hakimiyyəti başçılarını vəzifədən kənarlaşdırmış, həmin vəzifələrə əqidəcə özünə bağlı səriştəsiz adamları təyin etmişdir. Yerli əhali bu təyinatlara qarşı etirazlarını bildirsə də Ələkrəm Hümmətov qanunları tapdalayaraq qaragüruh yolu ilə həmin rayonlarda istədiyi adamları hərbi komendant təyin etmiş, onlara texnika və hərbi sursat vermişdir.

Beləliklə, Ələkrəm Hümmətov ətrafındakı cinayətkar ünsürlərlə Azərbaycan Respublikasının Konstitusiyasını pozaraq qanuni hakimiyyəti zəbt etmişdir. Onların hərəkətləri həmin rayonlarda dərəbəylik və qanunsuzluq şəraitinə gətirib çıxarmışdır.

Ələkrəm Hümmətov özbaşınalıq edərək rubl pul nişanlarının dəyişmə müddətini uzatmış, bununla da respublikanın iqtisadiyyatına çox böyük ziyan vurmuşdur.

Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar əhalisinin iradəsinə zidd olaraq Ələkrəm Hümmətovun mafioz separatçı dəstələri silah gücünə heç bir səlahiyyəti olmayan qondarma "Talış-Muğan Respublikası" yaratmaq iddiasına düşmüşlər.

Ələkrəm Hümmətov Azərbaycan hökumətinə qarşı özünü saymazyana aparmış, MDB-yə daxil olmaq üçün Rusiyanın rəhbər orqanlarına müraciət etmişdir. Rusiyanın müvəfiq təşkilatları onun müraciətinə məhəl qoymamışlar. Ələkrəm Hümmətov özbaşına qondarma "Talış-Muğan Respublikası" yaratmaq iddiası ilə Azərbaycan Respublikasının Konstitusiyasını kobudcasına pozmuş, Azərbaycan dövlətçiliyinə xəyanət etmiş, Azərbaycan Respublikasının ərazi bütövlüyünü pozmağa çalışmışdır.

Əvvəllər Talış Milli Partiyası kimi yaradılmış Azərbaycan Xalqlarının Bərabərliyi Partiyası (sədri Hilal Məmmədovdur) qondarma "Talış-Muğan Respublikası" yaradılmasının ilk təşəbbüskarıdır. Bu partiya millətçilik xətti götürərək, hər vasitə ilə separatçılıq mövqeyində dayanır, talışlarla başqa xalqlar arasında qarşıdurma yaradır. Həmin partiya əslində öz proqramına və Nizamnaməsinə zidd gedərək pozuculuqla məşğul olur, əhali arasında qondarma "Talış-Muğan Respublikası"nın zəruriliyi barədə geniş təbliğat aparır.

Buna baxmayaraq Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarının əhalisi Ələkrəm Hümmətovun, eləcə də onun azsaylı tərəfdarlarının fitnəkar hərəkətlərini, çirkin niyyətlərini rədd edirlər. Bölgənin rayon Sovetlərinin iclaslarında, siyasi partiyaların və ictimai təşkilatların rayon şöbələrinin yığıncaqlarında qəbul edilən bəyanatlarda, tanınmış alim və ziyalıların, xalq deputatlarının Milli Məclisə müraciətlərində və Ali Sovetin ünvanına daxil olmuş minlərlə teleqramda bölgədə gedən proseslər qətiyyətlə pislənilir.

Milli Məclis böyük təəssüf hissi ilə qeyd edir ki, həmin bölgədən olan bir sıra xalq deputatları, vəzifəli şəxslər, yerli Sovetlərin deputatları, ağsaqqallar, ziyalılar və digər hörmətli şəxslər bu özbaşınalıqlara, qiyamçılıq və millətçilik hərəkətlərinə qarşı prinsipial mövqe tutmamış və qətiyyət göstərməmişlər. Bəziləri isə təsir altına düşmüş və qiyamçılara havadarlıq etmişlər.

Belə havadarlardan biri Azərbaycan Respublikasının keçmiş müdafiə naziri, Milli Məclisin üzvü Rəhim Qazıyev olmuşdur. O, tez-tez Lənkərana, gedir, Ələkrəm Hümmətovu dəstəkləyir, ona kömək edir və istiqamət verir. Məhz R. Qazıyevin müdafiə naziri işlədiyi dövrdə Ələkrəm Hümmətov qanunsuz yolla həmin hərbi hissələri ələ keçirmiş, özünü komandan təyin etmişdir. Bu müddətdə Müdafiə Nazirliyi həmin hissələrin özünə tabeliyini təmin etməmiş, yaxud təmin etmək üçün heç bir tədbir görməmişdir. Buradan belə bir qənaət hasil olur ki, həmin hərbi hissələrin özbaşına qoyulması keçmiş müdafiə naziri Rəhim Qazıyevin və Ələkrəm Hümmətovun əvvəlcədən düşünülmüş xəyanətinin nəticəsidir.

Bütün bunlarla yanaşı Rəhim Qazıyev Azərbaycanla Rusiya arasında münasibətləri hər vasitə ilə pozmağa çalışır, dövlətlərarası münasibətləri gərginləşdirməyə cəhd göstərir. O, keçmiş prezident Ayaz Mütəllibovun yenidən Azərbaycan Respublikasında hakimiyyətə qaytarılmasına var gücü ilə səy göstərir və bununla da respublikada qarışıqlıq, hərc-mərclik salmaq məqsədi güdür. Bu çirkin məqsədinə çatmaq üçün böhtanlardan, şayiələrdən, şantajdan istifadə edir. Onun separatçı mövqeyi, respublikada ictimai-siyasi vəziyyəti daha da gərginləşdirmək məqsədi, Azərbaycanın ərazi bütövlüyünə xələl gətirə biləcək hərəkətləri, Ələkrəm Hümmətovla birgə can atdığı çirkin niyyətləri respublikanın mövcud rəhbərliyinə qarşı yönəlmiş və yüksək vəzifə tutmaq iddiasından irəli gəlmişdir. Milli Məclisin iclasında o, nöqsanlarını səmimi etiraf etmək əvəzinə özünü dəfələrlə ləyaqətsiz, kobud, təkəbbürlü aparmış, öz xəyanətlərini ört-basdır etməyə çalışmışdır.

Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarında yaranmış vəziyyət eyni zamanda hakimiyyət orqanlarının Respublika Daxili İşlər Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Müdafiə Nazirliyinin, Respublika Prokurorluğunun, onların yerli orqanlarının Ələkrəm Hümmətovun və onun havadarlarının cinayətkar hərəkətlərinə qarşı vaxtında lazımi tədbirlər görmədiklərinin nəticəsidir.

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarının ərazisində Ələkrəm Hümmətovun və onun mafioz, millətçi, qiyamçı dəstələrinin yerli əhaliyə qarşı zorakılığı, terrorçuluq əməlləri, insan hüquqlarını tapdalaması, özbaşınalığı cinayət kimi qiymətləndirilsin və Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının pozulması, respublikanın ərazi bütövlüyünə qəsd, dövlətçiliyinə xəyanət kimi pislənilsin.

2. Lənkəran rayonunda əvvəllər hərbi hissə kimi mövcud olmuş, sonradan Ələkrəm Hümmətov tərəfindən qanunsuz yolla ələ keçirilmiş hərbi birləşmə heç bir şərt qoyulmadan Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə tabe edilsin.

3. Respublikanın daxili işlər naziri V. Novruzova, milli təhlükəsizlik naziri N. İmranova, Baş prokuroru Ə. Ömərova tapşırılsın ki, Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar rayonlarında Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının qüvvəsini, dövlət hakimiyyəti orqanlarının fəaliyyətini tam təmin etmək, insan hüquqlarının pozulmasının, cürbəcür cinayət əməllərinin qarşısını almaq üçün təxirəsalınmaz tədbirlər görüb müqəssirləri məsuliyyətə cəlb etsinlər və nəticəsi barədə Milli Məclisə məlumat versinlər.

4. Azərbaycan Respublikası Milli Məclisinin üzvü, respublikanın Baş naziri Surət Hüseynova tapşırılsın ki, bu qərardan irəli gələn məsələləri üç gün müddətində həll etsin.

5. Azərbaycan Xalqlarının Bərabərliyi Partiyasının (sədri H. Məmmədovdur) millətçilik mövqeyində dayandığı qeyd olunsun və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki, bu partiyanın fəaliyyətini təhlil edib, lazımi tədbirlər görsün.

6. Respublika əhalisi arasında, eləcə də sərhəd bölgələrində apardığı siyasi təxribatlara, Ələkrəm Hümmətov qiyamında bilavasitə iştirak etdiyinə, Azərbaycan Respublikasının ərazi bütövlüyünü pozmağa cəhd göstərdiyinə, dövlətçiliyinə xəyanət etdiyinə görə Rəhim Həsən oğlu Qazıyev Milli Məclisin üzvlüyündən azad edilsin və onun məsuliyyətinin müəyyənləşdirilməsi Azərbaycan Respublikasının Prokurorluğuna tapşırılsın.

7. Azərbaycan Respublikasının Prokurorluğuna tapşırılsın ki, Xocalı, Şuşa, Laçın və Kəlbəcər rayonlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğalı ilə əlaqədar aparılan təhqiqat və istintaq işlərini sürətləndirsin və nəticəsi barədə Milli Məclisə məlumat versin.

Azərbaycan Respublikası Ali Sovetinin sədri
Heydər ƏLİYEV

Bakı şəhəri, 17 avqust 1993-cü il
№ 672