sag
line decor
  MUZEY HAQQINDA   ::   STENDLƏR  :: Heydər ƏLİYEV və AZƏRBAYCAN PARLAMENTİ   ::   SƏNƏDLƏR  ::   FƏXRİ QONAQLAR 
line decor
   
 
SƏNƏDLƏR

Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyevin Rusiya Federasiyasına səfərinin yekunları haqqında
AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN
Q Ə R A R I

Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyev başda olmaqla Azərbaycan Respublikasının nümayəndə heyəti bu il sentyabrın 5-dən 8-dək Moskva şəhərində səfərdə olmuşdur.

Rusiya Federasiyasının Prezidenti B. N. Yeltsin, Rusiya Federasiyası Ali Sovetinin sədri R. İ. Xasbulatov, Nazirlər Sovetinin - hökumətin sədri V. S. Çernomırdin, xarici işlər naziri A. V.Kozırev, müdafiə naziri P. S. Qraçov, hökumətin sədr müavini, Dövlət Federasiya və Millətlərin İşləri Komitəsinin sədri S. M. Şaxray, Moskvanın bələdiyyə rəisi Y. M. Lujkov və digər dövlət və hökumət nümayəndələri ilə görüşlər keçirilmiş, əməli xarakter daşıyan söhbətlər aparılmışdır.

Milli Məclis qeyd edir ki, danışıqlar zamanı Azərbaycan-Rusiya münasibətləri geniş planda müzakirə edilmiş, tərəflər bu münasibətləri yaxşılaşdırmağın zəruriliyini qeyd etmişlər. Hər iki tərəf bildirmişdir ki, iki ölkə arasında siyasi, iqtisadi və başqa əlaqələrin inkişafı üçün bütün imkanlardan istifadə olunmalı, bölgədə və beynəlxalq aləmdə birgə fəaliyyətin və əməkdaşlığın genişləndirilməsinə qarşılıqlı səy göstərilməlidir.

Tərəflər razılaşmışlar ki, yaxın vaxtlarda iki dövlət arasında dostluq münasibətlərini və əməkdaşlığı təsbit edən müvafiq sənəd imzalanacaqdır. Səfər zamanı tərəflər arasında keçmiş SSRİ-nin xarici dövlət borcunun və aktivlərinin tənzimlənməsi haqqında saziş imzalanmışdır. Bu il Azərbaycana dövlət kreditinin verilməsi haqqında sazişin, habelə texniki kreditlər üzrə borcun Azərbaycan Respublikası hökumətinə dövlət krediti kimi yenidən rəsmiləşdirilməsi haqqında sazişin layihələrinin hazırlanması barədə müvafiq tapşırıqlar verilmişdir.

Tərəflər Azərbaycan ərazisində hərbi əməliyyatların güclənməsindən, bu əməliyyatların Azərbaycanın cənub sərhədinə yaxınlaşmasından, yeni-yeni ərazilərin işğal olunmasından, qaçqınların sayının son dərəcə artmasından dərin təşviş keçirdiklərini bildirmişlər. Qeyd edilmişdir ki, son dövrlər döyüş əməliyyatları zonasında yaranmış vəziyyət bölgədə sülh və təhlükəsizlik üçün yeni qorxu yaratmışdır.

Rusiya Federasiyası və Azərbaycan Respublikası bölgədə sülhün bərqərar edilməsinə səy göstərdiklərini bildirmiş, BMT Təhlükəsizlik Şurasının 822 və 853 nömrəli qətnamələrinə uyğun olaraq, Dağlıq Qarabağda və Azərbaycan Respublikasının digər rayonlarında əhalini olmazın müsibətlərə düçar edən silahlı münaqişənin dinc siyasi vasitələrlə aradan qaldırılmasında, ilk növbədə atəşin və qan tökülməsinin dərhal dayandırılmasında, qəsb edilmiş bütün torpaqlardan işğalçı qüvvələrin tamamilə çıxarılmasına nail olmaqda, habelə hərbi əməliyyatlara yenidən başlanmasına yol verməyən möhkəm təminatların hazırlanmasında sıx əməkdaşlıq etməyə hazır olduqlarını təsdiq etmişlər.

Milli Məclis qeyd edir ki, Rusiya tərəfi Azərbaycanda məhkəmə hökmlərinin icrasını gözləyən altı keçmiş Rusiya hərbi qulluqçusunu Rusiya Federasiyasının ədalət mühakiməsinin ixtiyarına vermək haqqında qərar qəbul edildiyinə görə Azərbaycan Respublikasının Milli Məclisinə minnətdarlığını bildirmişdir.

Hər iki tərəf belə bir yekdil fikir ifadə etmişdir ki, Moskvada keçirilmiş görüşlər və söhbətlər Rusiya və Azərbaycan xalqlarının rifahı naminə qarşılıqlı etimadın və hər iki tərəf üçün faydalı olan əməkdaşlığın bərpası işinə təkan vermişdir.

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyevin və nümayəndə heyətinin üzvləri-Baş nazirin müavini A. A. Abbasovun və xarici işlər naziri H. Ə. Həsənovun məlumatlarını dinləyərək qərara alır:

1. Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyev başda olmaqla Azərbaycan nümayəndə heyətinin Moskva şəhərində Rusiya Federasiyasının rəhbərləri ilə danışıqlarının yekunu və əldə edilmiş razılıqlar bəyənilsin.

2. Azərbaycan Respublikası Milli Məclisinin Rusiya Federasiyasının Ali Soveti ilə əlaqələr qrupunun yaradılması zəruri hesab edilsin.

3. Rusiya, Azərbaycan, Gürcüstan və Ermənistan rəhbərlərinin görüşünün keçirilməsinə dair təklif qəbul edilsin.


Azərbaycan Respublikası Ali Sovetinin sədri
Heydər ƏLİYEV

Bakı şəhəri, 14 sentyabr 1993-cü il

№ 706