Sənədlər

677

Azərbaycan Respublikası Prezidentinin
növbədənkənar seçkilərinin keçirilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN
Q Ə R A R I

Ermənistan Respublikasının beş ildən bəri davam edən açıq hərbi təcavüzünün güclənməsi, Əbülfəz Elçibəy başda olmaqla Azərbaycan Xalq Cəbhəsinin hakimiyyətə gəldiyi bir il ərzində yol verdiyi böyük nöqsanlar, bacarıqsız siyasi və hərbi rəhbərliyi, fərsiz milli siyasəti cəbhələrdə uğursuzluqlara, çoxlu insan tələfatına, Azərbaycan Respublikası ərazisinin xeyli hissəsinin itirilməsinə səbəb olmuş, yüz minlərlə vətəndaşı öz torpağında qaçqına çevirmiş, respublikanın həyatının bütün sahələrində ağır böhranı daha da dərinləşdirmiş, cəmiyyətin və ordunun parçalanmasına, qanunsuz silahlı dəstələrə arxalanan cürbəcür separatçı hərəkatların baş qaldırmasına gətirib çıxarmış, nəticə etibarilə xalqı olmazın müsibətlərə düçar etmişdir.

Düşünülmüş iqtisadi və sosial siyasətin olmaması, Azərbaycanın milli sərvətlərinin və təbii ehtiyatlarının vəhşicəsinə talanması, siyasi ambisiyalar ucbatından milli mənafelərə zidd olaraq mövcud iqtisadi əlaqələrin kəsilməsi ilə birlikdə kadr siyasətindəki böyük səhvlər Azərbaycanın iqtisadi potensialının dağılmasına, respublikada iqtisadiyyatın bütün sahələrinin tənəzzülünə, xalqın müflisləşməsinə gətirib çıxarmışdır.

Xarici düşməni dəf etmək üçün xalqın sıx birləşməsinin tələb olunduğu bir şəraitdə Əbülfəz Elçibəyin və onun ətrafında olan şəxslərin boş vədləri, milli həmrəylik çağırışları ilə xalqa zidd əməli fəaliyyəti arasındakı uçurum mənəvi dəyərlərin itirilməsinə, milli birlik ideallarının puç olmasına, vətənin və xalqın taleyinə etinasızlıq şəraiti yaranmasına səbəb olmuşdur.

Xalqın etimadını itirmiş rejimi qoruyub saxlamaq məqsədi ilə Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına zidd olaraq 1993-cü il iyun ayının 4-də öz vətəndaşlarına qarşı silahlı qüvvələrin Gəncədə tətbiq edilməsi belə siyasətin məntiqi nəticəsi olmuşdur. Gəncə şəhərində baş vermiş hadisələri təhqiq etmək üçün Azərbaycan Respublikası Milli Məclisinin yaratdığı deputat-istintaq komissiyası belə bir qənaətə gəlmişdir ki, yaranmış vəziyyətə görə məsuliyyət digər vəzifəli şəxslərlə yanaşı Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyin üzərinə düşür. "1993-cü il iyunun 4-də Gəncə şəhərində baş vermiş hadisələri təhqiq edən deputat-istintaq komissiyasının işinin yekunu barədə" Azərbaycan Respublikası Milli Məclisinin 1993-cü il 16 iyul tarixli qərarında Gəncə şəhərində baş vermiş qanlı hadisələr Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyin və digər yüksək vəzifəli şəxslərin əvvəlcədən xüsusi düşünülmüş və planlaşdırılmış siyasətinin nəticəsi hesab edilmiş, onlar tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının kobudcasına pozulması kimi qiymətləndirilmişdir.

Respublikanı idarə etmək imkanını tamamilə itirən Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəy 1993-cü il iyunun 17-dən 18-nə keçən gecə qəflətən, dövlət orqanlarının rəhbərlərinə xəbər vermədən Bakı şəhərini tərk edib Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Kələki kəndinə getmişdir. Beləliklə Bakı şəhərindən kənarda olan və dövlət orqanları ilə əlaqəsini itirən Prezident Əbülfəz Elçibəy əslində öz Konstitusiya vəzifələrini daha yerinə yetirməyə qadir olmamışdır. Bununla əlaqədar Azərbaycan Respublikasının Milli Məclisi 1993-cü il iyunun 24-də "Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Qədirqulu oğlu Əliyevin (Elçibəyin) Azərbaycan Respublikasının Prezidenti vəzifələrini daha icra edə bilməməsi və Azərbaycan Respublikası Prezidentinin səlahiyyətinin Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əlirza oğlu Əliyevə keçməsi haqqında" qərar qəbul etmişdir.

1993-cü il iyulun 29-da Azərbaycan Respublikasının Milli Məclisi demokratiya, xalq hakimiyyəti, xalq iradəsinin aliliyi prinsiplərini əsas tutaraq Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyə etimad göstərilməsi haqqında 1993-cü il avqustun 29-da ümumxalq səsverməsi (referendum) keçirmək barədə qərar qəbul etmişdir. 1993-cü il avqustun 29-da səsvermədə seçicilərin 92,02 faizi iştirak etmiş, onların 2,1 faizi Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyə etimad göstərmişdir, 97,5 faizi isə etimad göstərməmişdir. Xalqın ali iradəsinin təzahürü olan ümumxalq referendumu göstərmişdir ki, Azərbaycan Respublikası xalqının tam əksəriyyəti Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyə və onun yeritdiyi siyasətə etimad göstərməkdən imtina etmişdir. Bununla da, "Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Qədirqulu oğlu Əliyevin (Elçibəyin) Azərbaycan Respublikasının Prezidenti vəzifələrini daha icra edə bilməməsi və Azərbaycan Respublikası Prezidentinin səlahiyyətinin Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əlirza oğlu Əliyevə keçməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 1993-cü il iyunun 24-də qəbul etdiyi qərarın əsaslı olduğu bir daha təsdiq edilmişdir. Nəticədə Azərbaycan Respublikasının Prezidenti vəzifəsi boş qalmışdır.

Bütün bunlar Azərbaycan Respublikasında yaranmış son dərəcə ağır hərbi, ictimai-siyasi və sosial-iqtisadi vəziyyəti aradan qaldırmağı, dövlətçiliyi, hüquq və qanunçuluğu möhkəmləndirməyi, Azərbaycan xalqının mütləq çoxluğunun müdafiə edəcəyi legitim hakimiyyəti formalaşdırmağı, mərkəzi respublika və yerli hakimiyyət və idarəetmə orqanlarının dəqiq və ahəngdar fəaliyyətini təmin etməyi, ölkə iqtisadiyyatını böhran vəziyyətindən çıxarmağı, müdafiə qüdrətini gücləndirməyi, bundan ötrü təxirəsalınmaz tədbirlər görməyi tələb edir.

Yaranmış vəziyyətdə Azərbaycan Respublikasının dövlətçiliyini möhkəmləndirmək, onun ərazi bütövlüyünü qorumaq, milli mənafelərin müdafiəsi naminə xalqın birliyini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Azərbaycan Respublikası Konstitusiyasının 121-7-ci maddəsinə və "Azərbaycan Respublikası Prezidenti seçkiləri haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Prezidenti seçkiləri 1993-cü il oktyabrın 3-nə, bazar gününə təyin edilsin.
2. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Prezidenti seçkiləri üzrə Mərkəzi seçki komissiyasının səlahiyyətlərini on ikinci çağırış Azərbaycan Respublikası xalq deputatları seçkiləri üzrə Mərkəzi seçki komissiyası həyata keçirir.

3. Azərbaycan Respublikası xalq deputatları seçkiləri üzrə Mərkəzi seçki komissiyasına tövsiyə olunsun ki, Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsi üçün respublika ərazisində rayonların, rayon bölgüsü olmayan respublika tabeli şəhərlərin, şəhərlərdə rayonların hüdudları daxilində müvafiq seçki dairələri təşkil etsin.

Yevlax, Lənkəran, Şəki və Şuşa şəhərlərində və rayonlarında Prezident seçkiləri keçirilməsi üçün iki dairə (şəhər və rayon dairələri) əvəzinə bir dairə-Yevlax, Lənkəran, Şəki və Şuşa dairələri yaradılır.

4. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Prezidenti seçkiləri üzrə dairə seçki komissiyalarının səlahiyyətlərini Azərbaycan Respublikası xalq deputatları Sovetləri deputatlarının seçkiləri üzrə son seçkilər dövründə yaradılmış rayon və şəhər (Bakı və Gəncə şəhərlərindən başqa respublika tabeli şəhərlər) seçki komissiyaları həyata keçirirlər. Yevlax, Lənkəran və Şəki şəhərlərində dairə komissiyalarının səlahiyyətlərini sonuncu çağırış yerli xalq deputatları Sovetləri deputatlarının seçkiləri üzrə Yevlax, Lənkəran və Şəki şəhərlərinin və rayonlarının birləşmiş şəhər və rayon seçki komissiyaları yerinə yetirirlər.

5. Naxçıvan Muxtar Respublikası Ali Məclisi, rayon və şəhər xalq deputatları Sovetləri seçki məntəqələrinin təşkil olunmasını və Azərbaycan Respublikası Prezidenti seçkiləri üzrə məntəqə seçki komissiyalarının yaradılmasını təmin etsinlər.

6. Azərbaycan Respublikası vətəndaşlarının və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə qeydə alınmış siyasi partiyaların seçki komissiyaları tərkibində real təmsil olunmaları üçün, lazım gələrsə, mərkəzi və dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi məqsədəuyğun sayılsın.

7. Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının rayon və şəhər xalq deputatları Sovetləri və onların rəyasət heyətləri "Azərbaycan Respublikası Prezidenti seçkiləri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq səsvermə məntəqələrinin ən geci 1993-cü il sentyabrın 7-dək, məntəqə seçki komissiyalarının ən geci 1993-cü il sentyabrın 13-dək təşkilini təmin etsinlər.

Bakı və Gəncə şəhərlərindəki xalq deputatları Sovetlərinin səlahiyyətinə xitam verilmiş rayonlarda Azərbaycan Respublikası Prezidenti seçkiləri üzrə səsvermə məntəqələrini və məntəqə seçki komissiyalarını rayonların icra hakimiyyəti başçıları Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun surətdə təşkil edirlər.

8. Azərbaycan Respublikasının qoşun hissələrində, bir qayda olaraq, səsvermə məntəqələri yaradılmır.

Respublika Silahlı Qüvvələrində xidmət edən Azərbaycan Respublikası vətəndaşları özlərinin Prezident seçkilərində iştirak etmək hüququnu hərbi hissələrin olduqları şəhərlərin və rayonların ərazisindəki səsvermə məntəqələrində həyata keçirirlər. Dairə və məntəqə seçki komissiyaları həmin şəxslərin siyahılarını qoşun hissələrinin komandanlığı ilə birlikdə müəyyənləşdirməli və onların Prezident seçkilərində iştirak etməsinə lazımi şərait yaratmalıdırlar.

9. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycan Respublikası Prezidenti seçkilərində iştirakını təmin etməkdən ötrü Azərbaycan Respublikasının xaricdəki səfirliklərində və səlahiyyətli nümayəndəliklərində səsvermə məntəqələrinin və məntəqə seçki komissiyalarının vaxtında təşkili məsələlərini Azərbaycan Respublikasının Mərkəzi seçki komissiyası ilə birlikdə həll etsin.

10. Respublikanın şəhər, rayon xalq deputatları Sovetləri, onların rəyasət heyətləri, rayon və şəhər icra hakimiyyəti başçıları respublikanın səsvermə hüququ olan vətəndaşlarının-hələ mənzil qeydiyyatı olmayan qaçqınların və məcburi köçkünlərin Prezident seçkilərində iştirakını təşkil etsinlər. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi mənzil qeydiyyatı olmayan qaçqınların və məcburi köçkünlərin siyahılarının 10 gün müddətində müəyyənləşdirilməsi üçün dairə seçki komissiyalarına əməli kömək etsinlər.

11. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Prezident seçkilərinin gedişini və ona yekun vurulmasını müşahidə etmək üçün xarici dövlətlərin parlamentlərinə, hökumətlərinə, ictimaiyyətinə və beynəlxalq təşkilatlara müraciət edib onların nümayəndələrini respublikaya dəvət etsin.

12. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidenti seçkilərinin maddi və maliyyə təminatı, nəqliyyat və rabitə müəssisələri və təşkilatları tərəfindən seçki komissiyalarına xidmət göstərilməsi məsələlərini həll etsin.

Azərbaycan Respublikası Ali Sovetinin sədri
Heydər ƏLİYEV


Bakı şəhəri, 1 sentyabr 1993-çü il
№ 677

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi