Sənədlər

649

Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən
Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyevlə
ATƏM-in Dağlıq Qarabağ üzrə Minsk konfransının sədri Mario Raffaelli
arasında danışıqların yekunları, döyüş bölgələrində son vaxtlar
yaranmış vəziyyət və Ermənistanın silahlı qüvvələri tərəfindən
Ağdam şəhərinin işğalı ilə əlaqədar
görülən tədbirlər haqqında
AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN
Q Ə R A R I


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyevlə ATƏM-in Dağlıq Qarabağ üzrə Minsk konfransının sədri Mario Raffaelli arasında danışıqların yekunları, döyüş bölgələrində son vaxtlar yaranmış vəziyyət və Ermənistanın silahlı qüvvələri tərəfindən Ağdam şəhərinin işğalı ilə əlaqədar görülən tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyevin məlumatını dinləyərək qərara alır:

1. Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyevin məlumatı nəzərə alınsın.

2. Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyevin Qarabağda və respublikanın digər sərhəd bölgələrində yaranmış ağır vəziyyətlə əlaqədar siyasi, diplomatik və hərbi quruculuq sahəsində, BMT, ATƏM çərçivəsində, beynəlxalq aləmdə apardığı işlər təqdirəlayiq və məqsədəmüvafiq hesab edilsin və bu istiqamətdə işlər davam etdirilsin.

3. Nəzərə alınsın ki, Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyev başda olmaqla Azərbaycan Respublikasının Baş naziri Surət Hüseynov və respublikanın digər rəhbər vəzifəli şəxsləri Ağdam şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı ilə əlaqədar 1993-cü il iyulun 25-də hadisə yerlərində olmuş, köçkünlərlə, həmçinin Bərdə və Ağcabədi rayonlarının sakinləri ilə çoxsaylı görüşlər keçirmişlər; yaranmış vəziyyət yerindəcə hərtərəfli təhlil edilmiş, köçkünlərin müvəqqəti yerləşdirilməsi, bölgədə müdafiə tədbirlərinin gücləndirilməsi üçün Bərdə və Gəncə şəhərlərində aparılan müşavirələrdə konkret tədbirlər müəyyən olunmuşdur.

4. Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna tapşırılsın ki, Ağdam şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı ilə əlaqədar geniş təhqiqat və istintaq aparsın və müqəssirlərin müəyyən edilib cinayət məsuliyyətinə cəlb olunması üçün qəti tədbirlər görsün.

Azərbaycan Respublikası Ali Sovetinin sədri
Heydər ƏLİYEV


Bakı şəhəri, 28 iyul 1993-cü il
№ 649

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi