2007-ci il 16 fevral tarixli iclasın stenoqramı

ÜÇÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
V  SESSİYASI  İCLASININ

PROTOKOLU  №  41

Milli  Məclisin  iclas  salonu.
16  fevral  2007-ci  il.  Saat  12.

Milli  Məclisin  Sədri
O. Əsədov  sədrlik  etmişdir


İclasda Milli Məclisin 108 deputatı iştirak etmişdir.

İclasa dəvət olunmuşlar:

F. Xəlilov, Azərbaycan Rəssamlar İttifaqının sədri.

* * *

F. Quliyev, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Təşkilati İnspektor İdarəsinin rəisi.
B. Hacıyev, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Hüquq şöbəsinin müdiri.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. “Azərbaycan Respublikası və Belarus Respublikası arasında 2015-ci ilə qədər sosial-iqtisadi əməkdaşlıq haqqında” Müqavilənin təsdiq edilməsi barədə.
2. “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında beynəlxalq kombinə edilmiş yük daşımaları haqqında” Sazişin təsdiq edilməsi barədə.
3. Azərbaycan Respublikası Prezidentinin və Latviya Respublikası Prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında.
4. “Azərbaycan Respublikası Hökuməti və Latviya Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında” Sazişin təsdiq edilməsi barədə.
5. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə.
6. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə.
7. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə.
8. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 28 noyabr tarixli 180-IIIQD nömrəli Qanununa əlavə edilməsi barədə.
9. Azərbaycan Respublikasının “Şərəf” və “Dostluq” ordenlərinin təsis edilməsi haqqında.
 10. Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).
11. Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydaları haqqında əsasnamənin layihəsi barədə (ikinci oxunuş).
İclasda qəbul edilmişdir:

1. “Azərbaycan Respublikası və Belarus Respublikası arasında 2015-ci ilə qədər sosial-iqtisadi əməkdaşlıq haqqında” Müqavilənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
2. “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında beynəlxalq kombinə edilmiş yük daşımaları haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
3. “Azərbaycan Respublikası Prezidentinin və Latviya Respublikası Prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
4. “Azərbaycan Respublikası Hökuməti və Latviya Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
5. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
6. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
7. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
8. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 28 noyabr tarixli 180-IIIQD nömrəli Qanununa əlavə edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
9. “Azərbaycan Respublikasının “Şərəf” və “Dostluq” ordenlərinin təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
 10. Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuşda).
11. Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydaları haqqında əsasnamənin layihəsi (ikinci oxunuşda).


Azərbaycan  Respublikası
Milli  Məclisinin  Sədri                                   O. ƏSƏDOV

 

 

MİLLİ  MƏCLİSİN  İCLASI

16  fevral  2007-ci  il.  Saat  12.

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir


Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.

Qeydiyyat (saat 12.00 dəq.)
İştirak edir 104
Yetərsay 83

Yetərsay var, iclasa başlaya bilərik.
Hörmətli millət vəkilləri, Xocalı faciəsinin 15 illiyi yaxınlaşır. Təklif edirəm ki, Xocalı soyqırımı haqqında həqiqətlərin dünyaya çatdırılmasında parlamentin rolu ilə bağlı Milli Məclisdə dinləmələr keçirilsin. Ona görə gəlin, bir komissiya yaradaq və bu komissiya gələn həftənin birinci gününə kimi öz rəylərini hazırlasın. Həftənin birinci günü saat 2-də dinləmələr keçirək və qəbul etdiyimiz sənədi ayın 27-də iclasda təsdiq edək. Etiraz yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Komissiyanın tərkibinin aşağıdakı üzvlərdən formalaşmasını təklif edirəm: Bahar Muradova, Elman Məmmədov, Həvva Məmmədova, Azay Quliyev, Aqil Abbasov, İltizam Əkbərli. Əlavə təkliflər varsa, buyurun.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Rövşən Rzayev.
R. Rzayev. Çox sağ olun, Oqtay müəllim. Mən xahiş eləmək istərdim ki, mümkündürsə, mən də o komissiyaya üzv olum.
Sədrlik edən. Mənim etirazım yoxdur, Rövşən Rzayevi də bu tərkibə əlavə edək.
Hörmətli millət vəkilləri, gündəlik sizə paylanıb. Xahiş edirəm, gündəliyə münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 12.02 dəq.)
Lehinə 105
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0 
İştirak edir 105
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun. Müzakirəyə ehtiyac var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda xahiş edirəm, yazılın. Maşallah, 18 nəfər yazılıb. İqbal Ağazadə.
İ. Ağazadə. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən ilk növbədə, Oqtay müəllim, təşəkkür edirəm ki, Xocalı ilə bağlı dinləmələr keçirəcəksiniz. Bu bizim yaz sessiyası dönəmində də qaldırdığımız məsələlərdən idi. Hesab edirəm, komissiya elə bir sənəd hazırlayacaq ki, indiyə qədər Milli Məclisdə Xocalı ilə bağlı səslənən fikirlərin hamısını özündə ehtiva eləyəcək, Azərbaycanın faciəsini dünya ictimaiyyətinə çatdırmaqda və dünya parlamentlərinin Xocalı hadisələrini, sözün həqiqi mənasında faciə, soyqırımı kimi tanımasına ciddi dəstək olacaqdır.
Keçən iclaslarda biz qiymət artımı ilə bağlı məsələyə toxunmuşduq. Bundan sonra bizə əhalidən çoxsaylı şikayətlər daxil oldu. Əhali işıq pulunu ödəyə bilmədiyinə görə artıq onlara ilk qiymət tarifləri ilə bağlı müəyyən sənədlər, ödəmə qaimələri verilib. Ödəyə bilmirlər və çox ciddi problemlər yaşanır. Əhalinin qazsız, işıqsız, susuz saxlanılması çox ciddi etirazlar doğurur və bu etirazların müqabilində də, təbii ki, millət vəkillərinə müraciətlər olur. Seçildiyim Xətai rayonundan mənə gün ərzində onlarla zəng, bütövlükdə binanın, blokun işıqlarının, qazın, suyun kəsilməsi ilə bağlı ciddi şikayətlər daxil olur. Əhali xüsusi ilə işıqdan və qazdan şikayətçidir. Hətta bəzi məqamlarda bir binada bir nəfərin, iki nəfərin pul ödəməməsi bütövlükdə binanın işıqlarının və qazının kəsilməsinə səbəb olur.
Mən xahiş edərdim ki, hökumət və o cümlədən Milli Məclis əhalinin ciddi ehtiyac içərisində olduğunu nəzərə alaraq qiymətlərə yenidən baxsın. Vəziyyət bu şəkildə davam edəcəksə, əhali çox ciddi problemlərlə üz-üzə qalacaq. Həddən artıq böyük problemlər yaşanır. Biz tez-tez eşidirik ki, əhalinin sosial vəziyyəti həddən artıq yaxşılaşıb və onların bu vəsaiti ödəmə imkanları var. Amma həqiqətdə bu gün mənim yaşadığım və deputat seçildiyim ərazidə əhalinin işıq pulunu ödəmə imkanları olduqca aşağıdır. Mümkün deyil ki, həmin qiymətlərlə əhali pulları ödəsin və işıqdan, o cümlədən qazdan istifadə eləsin. Xahiş edərdim, ən azı hökumətin növbəti hesabatına qədər Milli Məclis bu məsələ ilə bağlı bir təklif hazırlayıb hökumətə versin. Çünki bu problem sabah daha ciddi olacaq. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Sabir Rüstəmxanlı.
S. Rüstəmxanlı. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də təşəkkür edirəm ki, deputatların təkidini və xahişini gözləmədən Milli Məclisdə komissiya yaradılır. Çox yaxşı haldır ki, Xocalı faciəsi ilə bağlı Azərbaycan parlamentinin mövqeyi ortaya qoyulacaq və dünya parlamentlərinə müraciət qəbul olunacaqdır.
Mənim çıxışım da bununla bağlıdır. Bu günlərdə küçədə bir dəstə qaçqın müəllim mənim qarşımı kəsdilər. Mənim hiss elədiyimə görə onlar Prezidentin İcra Aparatının qarşısında olublar, oradan gəlirlər. Onlar deyirdilər ki, Prezidentin sərəncamına əsasən 1994-cü il 10 may tarixli 181 nömrəli qərarla işsiz müəllimlər işlə təmin olunana qədər, – məcburi köçkün müəllimlərdən söhbət gedir, – orta aylıq əmək haqqı ilə təmin ediliblər. 2007-ci ilin dekabrından bu sərəncama 4-cü bənd əlavə edilib. Düzü, mən o bəndi xatırlamıram, indi təxminən 11 min nəfər orta aylıq əmək haqqı ilə təmin olunmur. Onlar məcbur halda məşğulluq mərkəzlərinə göndərilirlər ki, onlara iş tapılsın. Hesab edirəm ki, qaçqınların problemi həll olunana qədər onları müxtəlif qapılara göndərmək doğru deyil.
Çox ciddi bir narazılıq var. Əgər biz Xocalıda şəhid olanların ruhuna hörmət eləyiriksə, bu gün həmin Xocalıdan didərgin düşənləri, işsizləri bu cür minimal əmək haqqından məhrum edə bilmərik. Eyni zamanda, məndən əvvəl çıxış eləyən həmkarımın dediyinə əlavə olaraq deyim ki, bu insanlar da haradasa yaşayırlar və işıq, qaz pulu verməlidirlər. Onlar orta aylıq əmək haqqı almırlarsa, işdən məhrumdurlarsa, onda bunların gələcəyini və həyatını təsəvvür eləmək olar. Xüsusi ilə işıq məsələsini qeyd etmək istəyirəm. Qiymət artırılandan sonra Bakıda, müxtəlif bölgələrdə davamlı olaraq işıqların kəsilməsi, bəzən eyni bölgələrdə günlərlə işığın verilməməsi...
Sədrlik edən. Sağ olun. İltizam Əkbərli.
İ. Əkbərli. Təşəkkür edirəm. Mən iki məsələ haqqında danışmaq istəyirəm. Onlardan biri gündəlikdəki məsələlərin ardıcıllığı ilə bağlıdır. Həm yaz, həm də payız sessiyasının iclaslarının gündəliklərində çox ciddi qanun layihələri, adətən, axırıncı yerdə müzakirəyə təqdim edilmişdir. Bu səbəbdən də iclas saatları müzakirəsinə o qədər də ehtiyac duyulmayan, əksər hallarda isə hətta texniki xarakter daşıyan məsələlərin müzakirəsinə sərf edildiyindən bir sıra vacib qanun layihələrinin, məsələn, təyinatına və əhəmiyyətinə görə Mülki Məcəllədən sonra ikinci yer tutacaq Rəqabət Məcəlləsinin müzakirəsinə vaxt qalmamış, hamımızın şahidi olduğu kimi, belə layihələr tələm-tələsik qəbul edilmişdir. Mən bu halları qanunların həm birinci, həm də ikinci oxunuşunda müşahidə etmişəm. Hesab edirəm ki, belə layihələr gündəlikdə axırıncı deyil, birinci məsələ kimi təqdim edilməlidir. Belə olarsa, həm vaxtdan səmərəli istifadə edərik, həm də vacib qanun layihələri daha ətraflı müzakirə olunar. Əlbəttə, əgər bunu istəyiriksə.
Toxunmaq istədiyim digər məsələ çıxış üçün ayrılan 10 dəqiqənin azaldılması ilə əlaqədar burada yaranmış praktika ilə bağlıdır. Çox qəribə bir vəziyyət yaranmışdır, deputatların əksəriyyətinin çıxışları yarımçıq kəsilir. Səbəb də göstərilir ki, guya hər bir deputata 10 dəqiqə vaxt verilərsə, bütün deputatlara çıxış üçün vaxt qalmaz. Haqlı bir sual meydana çıxır. Əgər yaz sessiyasının birinci iclası ilə ikinci iclası arasındakı fasilə 10-15 gün davam edirsə, onda nizamnaməyə zidd olaraq deputatlar üçün ayrılan 10 dəqiqənin kəsilməsi hansı məqsədə xidmət edir?
Diqqət çəkən məqam ondan ibarətdir ki, çıxış müddətinin aşağı endirilməsi, adətən, ölkənin siyasi, iqtisadi həyatı ilə bağlı məsələlərin müzakirəsi zamanı daha da aktuallaşır. Mən bu və ya digər deputatın çıxış vaxtının təkidlə azaldılmasını məqsədli bir hərəkət kimi, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanunun və Milli Məclisin Daxili Nizamnaməsinin pozulması faktı kimi qiymətləndirirəm. Xatırladıram ki, deputatların 10 dəqiqəlik çıxış vaxtının azaldılması barədə Nizamnamədə heç bir bənd yoxdur, əksinə, Daxili Nizamnamənin 11-ci maddəsinin üçüncü hissəsi Sədrə bu vaxtın ancaq dəyişdirilərək uzadılması səlahiyyətini verir.
Digər tərəfdən, bu gün ölkədə çox ciddi proseslər gedir və yerlərdə insanlar çox ağır vəziyyətdə yaşamağa məhkum ediliblər. Ancaq onlar hələ ümidlidirlər ki, seçdikləri deputatlar bu vəziyyəti parlamentdə qaldırmaqla yaranmış ağır vəziyyəti qismən də olsa, yüngülləşdirə biləcəklər. Əgər buna da imkan verilməyəcəksə, o halda insanlar öz səslərinin lazımi instansiyalara çatdırılması üçün daha təsirli üsullara əl atacaqlar. Parlamentdə müntəzəm olaraq çıxış vaxtının azaldılması təklifini verən deputatlardan bunu nəzərdən qaçırmamalarını xahiş edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. İltizam müəllim, xahiş edirəm, Daxili Nizamnaməni yaxşı oxuyasınız. Orada yazılıb ki, deputatların təklifi ilə bu məsələ səsə qoyulub qəbul edilə bilər. Aydın Mirzəzadə.
A. Mirzəzadə. Çox sağ olun, cənab Sədr. Mən diqqəti ona yönəltmək istəyirəm ki, bu günlərdə Prezident cənab İlham Əliyevin Almaniya Federativ Respublikasına uğurlu səfəri davam edir. Bu səfəri bir müddət öncə cənab Prezidentin Fransa Respublikasına çox uğurlu və yüksək səviyyədə keçən səfərinin məntiqi nəticəsi hesab eləmək olar. Bu səfərlər göstərir ki, Azərbaycanın aparıcı Avropa dövlətləri ilə münasibətləri yüksələn xətlə inkişaf edir və Avropa dövlətləri kiçik bir Asiya ölkəsi ilə, özü də müstəqilliyini yenicə bərpa etmiş bir dövlətlə əməkdaşlıqda, dostluqda maraqlıdırlar. Bu əməkdaşlıq onların dövlət və milli maraqlarında aparıcı yer tutur.
Eyni zamanda, xarici səfərlər zamanı cənab Prezidentimizin siyasi dairələrin nümayəndələri ilə yanaşı, aparıcı şirkətlərin təmsilçiləri ilə görüşü bu səfərlərin birbaşa Azərbaycanın iqtisadi inkişafına da təsirini göstərmiş olur. Yəni bütün bunların hamısı göstərir ki, Azərbaycan dövlətinin daxili siyasəti ilə xarici siyasəti bir vəhdət təşkil edir. Xarici siyasət də ilk növbədə Azərbaycanın daxili problemlərinin uğurlu həllinə kömək etməkdədir.
Bu xarici səfərlərin, bu aparılan danışıqların nəticəsidir ki, bu günlərdə “Boinq” şirkəti ilə bir neçə ən müasir təyyarə satışı barəsində imzalanmış saziş Azərbaycanın artıq bu günlə yox, sabahla yaşadığını və sabaha istiqamətləndiyini göstərir. Bütün bunları xatırlamaqda məqsədim ondan ibarətdir ki, 2003-cü ildə cəmiyyətin böyük əksəriyyətinin səsi ilə Prezident seçilmiş cənab İlham Əliyev bu gün Azərbaycanın problemlərini çox uğurla, müasir yollarla həll edərək seçicilərin etimadını doğruldub. Bu cür geniş və uğurlu fəaliyyətə görə mən Prezidentimizə bu tribunadan öz təşəkkürümü bildirirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Mübariz Qurbanlı.
M. Qurbanlı. Təşəkkür edirəm, cənab Sədr. Gündəliyə çıxarılan məsələlər, doğrudan da, aktualdır və bu məsələlər, təbii ki, parlamentin qanunvericilik istiqamətində fəaliyyətində ciddi irəliləyişlərə gətirib çıxaracaqdır. Bir məsələ ilə bağlı fikrimi bildirmək istəyirəm. Doğrudan da, Xocalı soyqırımının 15 illiyi ilə bağlı belə bir komissiyanın yaradılması zəruridir. Amma hesab edirəm ki, belə bir komissiyanın yaradılmasından cəmiyyətdə, xüsusi ilə mətbuatda bəziləri yararlanmaq üçün istifadə etməməlidirlər.
Mən fikir vermişəm, Xocalı soyqırımı ərəfəsində dəfələrlə Xocalı ilə bağlı mətbuatda yazılar gedibdir. Guya Azərbaycan Xocalı soyqırımını tanımayıb. Hətta bəzən millət vəkili olan şəxslərin dilindən də belə fikirlər eşidirdim. Türkiyəyə müraciət eləyirlər, guya Türkiyə parlamenti bunu ona görə tanımır ki, Azərbaycan parlamenti tanımayıb və sair. Yanlışlığa yol verirlər. Əvvəllər müraciətlər qəbul edilib, 1994-cü ildə ümummilli liderimiz Heydər Əliyev tərəfindən parlamentdə təşəbbüs irəli sürülüb və bu məsələ Xocalı soyqırımı kimi tanıdılıb və dünyaya çatdırılıb. Bu komissiya məsələni daha geniş miqyasda dünya ictimai rəyinə, parlamentlərə, beynəlxalq təşkilatlara çatdırmaq üçün yaradılır. Mən indidən hiss eləyirəm və bilirəm ki, mətbuatda bəziləri məsələnin mahiyyətini bilmədən bu mövzu ətrafında hay-küy qaldırmağa başlayacaqlar. Xocalı ilə bağlı məsələ, azərbaycanlıların soyqırımına məruz qalması ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə kifayət qədər araşdırılıb və dünya ictimai rəyinə çatdırılıb. 31 mart da Dünya azərbaycanlılarının soyqırımı kimi dünyaya çatdırılıb və beynəlxalq sənədlər şəklində Birləşmiş Millətlər Təşkilatında, ATƏT-də, Avropa Şurasında yayılıb. Təbii ki, bu komissiya bu sənədlər əsasında yeni bir təkmil sənəd ortaya qoyacaq və bunlar lazımdır.
Öncə də qeyd elədim, Xocalı soyqırımından sui-istifadə eləməsinlər. Xüsusi ilə müxalifət mətbuatında bəzi yazılar gedir, hakimiyyəti ittiham eləməyə çalışırlar. Xocalı soyqırımı bəllidir, bunu hökumət tanıyıb və dünya miqyasında tanıtmaq üçün də kifayət qədər işlər görülüb. 1995-ci ildən başlayaraq hər il biz bu soyqırımı ilə bağlı dünya parlamentlərinə müraciətlər qəbul eləmişik. 2002-ci ildə yenə də bununla bağlı dünya parlamentlərinə, beynəlxalq təşkilatlara müraciət qəbul edilib. Bu məsələ daim parlamentin diqqətində olub, bu gün də diqqətindədir, sabah da diqqətində olacaqdır. Sağ olun.
Sədrlik edən. Çox sağ olun, Mübariz müəllim. Mən çıxışımın əvvəlində dedim ki, bu, həm təkmilləşdirmə, həm də Xocalı soyqırımı haqqında həqiqətlərin dünyaya çatdırılmasında parlamentin rolu məsələsidir. Amma bundan kim necə istifadə edəcək, bu onun öz vicdanına qalır. Qənirə Paşayeva.
Q. Paşayeva. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Cənab Sədr, Siz çox doğru bir məsələyə toxundunuz, Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılmasında parlamentin rolunu vurğuladınız. Parlamentin rolu çox böyükdür. Bu gün həm Azərbaycan inkişaf edir, həm də Azərbaycan diasporunun qurulması və möhkəmləndirilməsi istiqamətində ciddi addımlar atılır. Martın 9-da Bakıda cənab Prezidentin təşəbbüsü ilə çox böyük tədbir – Azərbaycan və Türkiyə diasporlarının birgə forumu keçiriləcək və burada bu məsələlər müzakirə olunacaqdır. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, ermənilərin apardığı təbliğatın qarşısının alınması ilə yanaşı, qarşıya qoyulan məsələlərdən biri də Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində müəyyən işlərin aparılması olacaqdır. Amma burada əsas rolu parlament oynamalıdır. Çünki dünyada parlamentlərin rolu böyükdür.
Çox sağ olun ki, Sizin təşəbbüsünüzlə bu komissiya yaradılıb. Amma bu komissiyanın fəaliyyəti davamlı olmalıdır. Yəni parlamentdə bu komissiya daim fəaliyyət göstərməli və müxtəlif ölkələrin parlament qrupları ilə daim əlaqə saxlamalıdır. Bəzən bizdə Xocalı soyqırımının tanıdılması deyəndə elə başa düşürlər ki, o dəqiqə dünyanın hər yerində bunu tanıyacaqlar. Bu, çox çətin prosesdir.
Bəlkə də uyğun deyil, amma mən bir misal çəkəcəyəm. Erməni lobbisinin bu qədər güclü olmasına və qondarma soyqırımının tanıdılması məsələsini qarşılarına əsas prioritet kimi qoymalarına baxmayaraq, ilk dəfə buna 1965-ci ildə Uruqvayda nail olublar. Yəni bu cür məsələlərin dünya parlamentlərinə tanıdılması asan proses deyil. Amma bu o demək deyil ki, bunu tanıtmaq mümkün deyil. Mən hesab edirəm, bu komissiya parlamentdə davamlı olaraq çalışmalıdır. Xocalı soyqırımı dünyanın gözü qarşısında baş verən hadisədir. Bizim hüquqi bazamız var. Azərbaycan da inkişaf edir, dünya da, dünyanın siyasəti də dəyişir. Bu komissiya davamlı fəaliyyət göstərib, Xocalı soyqırımının tanıdılması istiqamətində müntəzəm işlər aparsa, mənə elə gəlir ki, biz gələcəkdə nəticələr əldə edə bilərik. Biz bu sahədə işlərimizi sürətləndirməliyik.
Cənab Sədr, mən qısa şəkildə ikinci bir məsələyə toxunmaq istərdim. Bizə ünvanlı sosial yardımla bağlı müxtəlif müraciətlər gəlir. Siz bilirsiniz, cənab Prezidentin də bununla bağlı xüsusi tapşırığı var ki, əhalinin aztəminatlı hissəsi....
Sədrlik edən. Sağ olun. Qənirə xanım, biz komissiyanı yaratmışıq. Yəqin, komissiyanın qarşısında duran məsələlərdən biri də o olacaq ki, bu istiqamətdə bir informasiya mərkəzi yaradılsın. Komissiyanın fəaliyyətinin davamlı olması vacib məsələdir və qarşıya qoyulan məqsədlərdən biri də elə budur. Pənah Hüseyn.
P. Hüseyn. Təşəkkür edirəm. Cənab Sədr, mən bu komissiyanın işi haqqında bir təklif vermək istəyirəm. Mübariz müəllim də qeyd elədi, müxtəlif sənədlər qəbul olunub, dünya parlamentlərinə, beynəlxalq təşkilatlara göndərilib. Mənə elə gəlir ki, vaxt gəlib çatıb, Xocalı soyqırımı haqqında qanun qəbul edilməlidir. Ona görə də hörmətli hüquqşünaslarımıza və mütəxəssislərimizə tapşırıq verilsin ki, bu barədə xüsusi bir qanunun qəbul edilməsi məsələsini nəzərdən keçirsinlər.
İkincisi, hər dəfə Xocalı soyqırımı və digər soyqırımlar, son illərdə başımıza gətirilmiş hadisələr xatırlanarkən, şübhəsiz, ordu və torpaqlarımızın işğaldan azad olunması məsələsi yada düşür. Kütləvi informasiya vasitələrində verilən məlumatlara görə son bir ildə 8 nəfər azərbaycanlı əsgər erməni tərəfinə keçib. Bir nəfər də olsun erməni biz tərəfə keçməyib. Orada nə baş verir? Niyə orduya ayrılan xərclərimiz 3-4 dəfə çoxaldıqca ordumuzda konfliktlər artır, əsgər əsgəri, zabit zabiti, yaxud əsgəri güllələyir. Bizim seçicilərimiz, Azərbaycan cəmiyyəti bu məsələdən çox ciddi şəkildə narahatdır. Həqiqətən də, deputatların da dediyi kimi, orduya parlament nəzarətinin gücləndirilməsinə, hökumətin hesabatı zamanı Müdafiə Nazirliyinin və digər təhlükəsizlik qurumlarının da hesabatlarının ora əlavə edilməsinə ehtiyac vardır. Mən indidən bu məsələni qaldırmağı zəruri hesab edirəm.
Üçüncüsü, mənzil sahəsində fantastik şəkildə bahalaşma gedir. Burada bazarlarda kartof-soğan bahalaşmasını satıcıların monopoliyası kimi izah edirdilər. Bəs bu mənzil sahəsindəki anormal və izah olunmayan bahalaşmanın arxasında hansı inhisarlar durur? Deyirlər ki, “Akkord” firmasının dalında bir vəzifəli şəxs durur, “Gilan” firmasının dalında isə digər bir nazirin adı çəkilir. Bu məsələyə aydınlıq gətirilməlidir. Mənzil məsələsi ciddi sosial məsələdir. Gənclər siyasəti haqqında qanun qəbul eləməyə hazırlaşırıq. Gənclərin məsələsi həm də tikinti ilə bağlıdır. Bakı Şəhər İcra Hakimiyyətinin adına mənzil tikintisindən 10 faiz alınır. Bu kimə verilir? Niyə bu məsələdə şəffaflıq yoxdur? Sovet hakimiyyəti dövründən qalmış növbəli mənzillərin bizim seçicilərə verilməsi sahəsində qayda-qanun nədən ibarətdir? 10 faiz və milyonlarla vəsait hara gedir? Mən hesab edirəm ki, bu məsələni ciddi şəkildə Bakı Şəhər İcra Hakimiyyətindən və hökumətdən soruşmaq lazımdır. Sonda, bir daha deyirəm ki, bütövlükdə parlament bu məsələlərə diqqəti artırmalıdır. Sağ olun.
Sədrlik edən. Sağ olun. Pənah bəy, deyirsiniz, sovet hakimiyyəti dövrünə qayıdaq? Fazil Mustafayev.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Siz, xahiş edirəm, köhnə adəti buraxın. Sözünüzü dediniz, biz də qulaq asdıq. Hər sözə mız qoymaq sənin “qabiliyyətindir”.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Mən sənə deyirəm ki, yerindən danışma, söz verildi, danışdın. Yerdən danışmaq adətini də tərgit. Mən hər şeyə müdaxilə edəcəyəm. Deyirsən ki, qanunu yaxşı bilirsən, amma sənin qanun bilməyinə hələ bir əsr var. Axıra kimi düzələn adam deyilsən, ona ümid bəsləmək də lazım deyil.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Mən səninlə hörmətsiz danışıram? Sən hörmətsiz danışırsan. Danışığına fikir ver, tərbiyən də elə görünür.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Dözməyib neyləyəcəksən? Heç kim özünü sənin kimi aparmır, artıq həddini keçirsən. Özünü ağıllı göstərmək istəyirsən, amma camaatı özünə güldürürsən. Fazil Mustafayev.
F. Mustafayev. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də verilən təklifləri dəqiqləşdirmək istəyirəm. Hesab edirəm ki, təkcə Xocalı soyqırımını yox, bütövlükdə 31 mart soyqırımını da nəzərdə tutan Soyqırımı haqqında qanun hazırlanması vacibdir. Soyqırıma məruz qalmış vətəndaşların hüquqlarının, ən azı problemlərinin həlli baxımından bu qanunun faydası olar.
İkinci, televiziya çəkilişləri ilə bağlı məsələyə toxunmaq istəyirəm. Özəl televiziya kanalları ilə millət vəkillərinin çıxışlarının çəkilişi elə aparılır ki, onların ya qulaqları, ya da başlarının arxa hissəsi çəkilişə düşür. Bu nə dərəcədə düzgün qaydadır? Buna yenidən baxmaq lazımdır. Təkcə AzTv qarşı tərəfdən çəkə bilir. Heç olmasa, müəyyən vaxt ayrılsın. Burada mətbuat-informasiya faktorunu nəzərə alaraq, hesab edirəm ki, özəl televiziyalara şərait yaratmaq lazımdır. Çünki görüntü də, informasiya da vacib amildir və bu cür çəkilişlərin verilməsindənsə, verilməməsi daha məqsədəuyğundur. Ya da, ümumiyyətlə, onlara çəkiliş üçün imkan verilməsin. Hesab edirəm ki, bu məsələyə baxılmalıdır. Zalda şərait yaradılmalıdır ki, AzTv necə aydın çəkə bilirsə, özəl kanallar da bu işi həyata keçirə bilsinlər.
Sonra, mən aprel ayından Rusiyadan gözlənilən miqrasiya axınına toxunmaq istəyirəm. Hesab edirəm ki, biz təcili emiqrantlarla bağlı qanunu qəbul eləməliyik. Bu, təkcə Rusiyadan gələn azərbaycanlılara deyil, başqa ölkələrdə yaşayan azərbaycanlılara da aiddir. Onların xəstəliklə, başqa məsələlərlə bağlı nəzarətə alınması və bu problemlərin müəyyən mənada dövlətin nəzarəti altında olması vacibdir. Biz tez-tez qeyd edirik ki, bu, Rusiyanın ziyanınadır. Amma belə deyil, Rusiya heç vaxt öz ziyanına qanun qəbul eləməz, bu, əslində, bizim ziyanımızadır. Biz bu axınla üzbəüz qalanda oturub düşünəcəyik ki, bunu qanunvericilik qaydasında necə tənzimləyək? Bu baxımdan bu məsələyə də münasibət bildirməyi vacib sayıram.
Digər bir ciddi məsələ də burada qeyd olundu. Tarif Şurasının qərarından sonra, həqiqətən, əhalinin vəziyyəti xeyli çətinləşib. Əldə olunan məlumata görə aprel ayının 10-da benzinin qiyməti yenə də qalxacaq. Hətta qiymətin 1 dollara qaldırılması nəzərdə tutulur. Buna şayiə kimi də yanaşmaq olar, amma Azərbaycanda qiymət elmi məntiqlə artırılmır. Bunu müşahidələrimiz, Tarif Şurasının son qərarı göstərdi. Bununla bağlı mən elə hesab edirəm ki, sonradan işləyən əhalinin əmək haqqını 20-30 faiz artırmaq əvəzinə, ümumiyyətlə, bütün vətəndaşların alıcılıq qabiliyyətini...
Sədrlik edən. Sağ olun. Mən Sizin sualınıza aydınlıq gətirim. Milli Məclis payız sessiyasında öz işinə başlayanda biz dedik ki, Milli Məclisin öz Televiziya mərkəzi var. AzTv zalda heç bir şey çəkmir. Çəkiliş yalnız Milli Məclisin Televiziya mərkəzi tərəfindən aparılır. AzTv o kasetləri götürür, amma bəzi kanallar götürmürlər, özləri çəkmək istəyirlər. Zalda da başqa televiziya çəkiliş aparmayacaq. Zalda Milli Məclisin öz televiziyası var, özü çəkir. Hansı kanala lazımdırsa, Milli Məclisin Televiziya mərkəzindən götürə bilər. Bahar xanım, buyurun.
B. Muradova. Təşəkkür edirəm, cənab Sədr. Mən bir məsələyə aydınlıq gətirmək istəyirdim. Sabir müəllim bayaq qaçqın və köçkün rayonlarından olan təhsil, səhiyyə və mədəniyyət işçilərinə orta aylıq əmək haqqının verilməsi və yaxud verilməməsi ilə bağlı məsələ qaldırdı. Bu, yeni məsələ deyil. Artıq bir neçə ildir ki, Sabir müəllim, bu məsələ gündəlikdədir və hər ilin əvvəlində bu cür narahatlıq meydana çıxır. Bu da onunla bağlıdır ki, mövcud qaydalara uyğun olaraq onlar işləmədən bu əmək haqlarını ala bilirlər. Amma biz güzəştləri aradan qaldırmışıq. Hər kəsə yalnız əməyi müqabilində əmək haqqı ödənilməsini və ümumiyyətlə, yardımların ünvanlı olmasını təmin etmək üçün vaxtaşırı qanun və qərarlar qəbul edirik və bu istiqamətdə də müəyyən qaydaların yaradılması gündəlikdədir.
Əlbəttə, hər hansı bir qaydanı əldə rəhbər tutaraq birmənalı addım atmaq mümkün deyil, çünki bu addım sonra bir sıra problemlər yaradır. Hökumət hər il dilemma qarşısında qalır ki, bu necə olsun? Artıq bir neçə ildir ki, bu məsələni Milli Məclisdə qaldırırıq. Bəzən may, iyun aylarına qədər bu əmək haqları ödənilməyib və sonra bunun vaxtı uzadılıb, əmək haqları ödənilib. İndi məsələ belə qoyulub ki, bu insanlar da həmin rayonlardan köçkün düşən digər vətəndaşlar kimi işləməlidirlər və öz həyat şəraitlərini təmin etməlidirlər. Onlara iş şəraiti də yaradılmalıdır. Təkcə təhsil sahəsində bu gün 3500 müəllim işsizdir. Onlar işlə təmin olunmadığı təqdirdə 10 mindən yuxarı müəllim necə işlə təmin olunacaq? Bu da ağır problemdir. Amma hökumət hansısa yolu qəbul etməlidir. Sizinlə görüşən həmin insanların yüz nəfərindən çoxu da Milli Məclisə gəlmişdi. Onların nümayəndələrini əvvəl Sosial siyasət daimi komissiyasının sədri Hadi müəllim və sonra onunla birlikdə mən parlamentdə qəbul etdik, dinlədik. Onlar bizim qarşımıza üç tələb qoydular və biz mövcud siyasətin nədən ibarət olduğunu onlara izah etməklə yanaşı, hökumətlə birlikdə bu məsələnin həllinə çalışacağımıza söz verdik. Bu fikirləri biz aidiyyəti ünvanlara çatdırmışıq. Hökumət bu məsələnin üzərində məşğuldur və düşünürəm ki, əvvəlki qaydada olmasa da, hansısa addım atılacaq, bu insanların problemləri həll olunacaqdır. Demək istəyirəm ki, Siz də o insanlara çatdıra bilərsiniz ki, hökumət bu məsələlərin üzərində işləyir, yaxın zamanlarda mövqe bəlli olacaq.
Mən də Xocalı hadisələri ilə bağlı yaradılan komissiya barədə həmkarım Mübariz müəllimin dediyi fikirlərlə razıyam. Cənab Sədr də söylədi, bizim məqsədimiz bu günə qədərki siyasətin yanlış olduğunu ortaya qoymaq və yaxud da kimlərisə ittiham etmək deyil, bu məsələnin dünya miqyasında tanıdılması üçün parlamentin rolunu, onun üzərinə düşən məsələləri müəyyənləşdirmək, növbəti dəfə dünya ölkələrinin parlamentlərinə müraciət mətnini hazırlamaq və onu qəbul etməkdir. Bu, komissiyanın sonrakı fəaliyyəti olacaq, ya olmayacaq, bununla bağlı da parlament qərar verməlidir və verə bilər. Amma biz – komissiyaya daxil edilən şəxslər çalışacağıq ki, bu günə qədər səslənən fikirlər maksimum burada öz əksini tapsın. Millət vəkillərinin hər birindən də xahişim ondan ibarətdir ki, bu mətnin hazırlanmasında, onun imzalanmasında bizə yardımçı olsunlar və hansı variant qəbul olunacaqsa, onu şübhə altına alan fikirlər səsləndirməsinlər. Çünki bu mətni hazırlayarkən yalnız daxili siyasi vəziyyəti, bizim istəklərimizi yox, həm də beynəlxalq durumu və bu məsələlərin dünya parlamentləri tərəfindən qəbul edilməsi imkanlarını da nəzərə almalıyıq. Məsələni elə qoymalıyıq ki, bu bizim əleyhimizə yox, lehimizə işləsin. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Gündəlikdə duran məsələlərin müzakirəsinə keçirik. Gündəliyin birinci məsələsi “Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında 2015-ci ilə qədər sosial-iqtisadi əməkdaşlıq haqqında” Müqavilənin təsdiq edilməsi barədədir. Bu məsələyə 3 komissiyada baxılıb. İqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadəyə söz verilir.
Z. Səmədzadə, Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının sədri.
Hörmətli millət vəkilləri, bilirsiniz ki, son zamanlar Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında bütün sahələrdə əməkdaşlıq genişlənir. Cənab Prezidentin Belarusa səfəri, Belarusun ali hökumət rəhbərlərinin Azərbaycana səfəri çərçivəsində bir sıra aktual məsələlər müzakirə edilmişdir. Təqdim edilən müqavilə Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında əməkdaşlığın yeni bir mərhələsini özündə əks etdirir. Müqavilədə əməkdaşlıq sazişinin mahiyyəti və əməkdaşlığın inkişaf istiqamətləri ilə əlaqədar dünya standartlarına uyğun maddələr öz əksini tapmışdır. Müqavilə 2006-cı il oktyabrın 17-də imzalanmışdır.
Müqavilədə həmçinin Azərbaycan Respublikası və Belarus Respublikası arasında 2015-ci ilədək sosial-iqtisadi əməkdaşlıq proqramının strukturu təqdim edilmişdir. Həmin proqramda ikitərəfli sosial-iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf problemləri haqqında məlumat verilir. Proqramda sosial-iqtisadi əməkdaşlığın əsas istiqamətləri, o cümlədən neft və kimya sənayesi, ekologiya, aqrar-sənaye kompleksi, nəqliyyat, xarici iqtisadi fəaliyyət sahələrində və eyni zamanda, ticarət əlaqələrinin inkişafı sahəsində konkret məsələlər nəzərdə tutulmuşdur. Burada həm də humanitar əməkdaşlığın əsas istiqamətləri və ümumi sosial problemlərin həlli məsələləri də öz əksini tapmışdır.
Proqramın sonuncu bölməsi proqramın həyata keçirilməsi mexanizmini əhatə edir. Ümumiyyətlə, bu proqram bir çox ölkələrlə bağlı təsdiq edilən müqavilələrin strukturu kimidir və hesab edirəm ki, belə bir proqramın təsdiqi iki ölkə arasında sosial-iqtisadi əməkdaşlığın inkişafı üçün yeni imkanlar açacaqdır. Bu sənəd İqtisadi siyasət daimi komissiyasında müzakirə edilmiş və Milli Məclisin sessiyasına çıxarılması tövsiyə edilmişdir.
Sədrlik edən. Sağ olun. Hadi Rəcəbli.
H. Rəcəbli, Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədri.
Hörmətli cənab Sədr, hörmətli deputat həmkarlarım! Bu saziş 2015-ci ilə qədər iki dövlət arasında iqtisadi-sosial sahənin bütün strukturlarında əməkdaşlığı özündə ehtiva edir, çox önəmli və maraqlı sənədlərdən biridir. Bu sənədin bu gün parlamentdə təsdiq olunması hər iki ölkənin mənafeyinə bilavasitə xidmət edəcəkdir.
Layihə haqqında hörmətli Ziyad müəllim məlumat verdi. Mən yalnız layihənin V bölməsi haqqında bir neçə kəlmə demək istəyirəm. Bu bölmə “Humanitar əməkdaşlığın əsas istiqamətləri və ümumi sosial problemlərin həlli” adlanır. Bu bölmədə səhiyyə, əmək və sosial müdafiə, idman sahələrində və ümumiyyətlə, humanitar sahədə sıx əməkdaşlıqla bağlı maddələr öz əksini tapıb.
Eyni zamanda, burada məlumat – reklam materiallarının mübadiləsi, fövqəladə halların, ümumiyyətlə, fəlakətlərin qarşısının alınması ilə bağlı maddələr var. Bütövlükdə hesab edirəm ki, bu layihə Azərbaycanın sosial-iqtisadi inkişafına və xalqımızın mənafeyinə xidmət edən sənəddir. Deputat həmkarlarımı bu sənədə səs verməyə dəvət edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Gültəkin Hacıyeva.
G. Hacıyeva, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyası sədrinin müavini.
Çox sağ olun, cənab Sədr. “Azərbaycan Respublikası və Belarus Respublikası arasında 2015-ci ilə qədər sosial-iqtisadi əməkdaşlıq haqqında” Müqavilə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasında da müzakirə edilib. Komissiyamız belə düşünür ki, saziş Azərbaycan və Belarus münasibətlərinin inkişafında yeni bir mərhələ açmaqla, uzunmüddətli strateji əməkdaşlıq proqramının həyata keçməsi üçün çox mühüm icra mexanizmi olmaqla yanaşı, Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir. Bu sənəd Azərbaycanın dünya ölkələri ilə ikitərəfli münasibətlərinin çox sivil, demokratik bir səviyyədə tənzimlənməsinin göstəricisidir. Komissiyamız bu müqavilənin təsdiq edilməsinə səs verir. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Başqa təklif yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 12.41 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0 
İştirak edir 97
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Gündəliyin ikinci məsələsi “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında beynəlxalq kombinə edilmiş yük daşımaları haqqında” Sazişin təsdiq edilməsi barədədir. Ziyad Səmədzadə, buyurun.
Z. Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında beynəlxalq kombinə edilmiş yük daşımaları haqqında” Saziş beynəlxalq yük daşımalarının həyata keçirilməsinin asanlaşdırılmasına xidmət edir. Saziş beynəlxalq standartlara uyğun olaraq tərtib edilmişdir.
Saziş razılığa gələn tərəflərin dövlətləri arasında və onların dövlətlərinin ərazilərindən tranzitlə dəmir yolu, su və avtomobil nəqliyyatından qismən istifadə etməklə beynəlxalq kombinə edilmiş yük daşımaları sahəsində tətbiq edilir. Sazişdə istifadə olunan terminlərin mahiyyəti açıqlanır, müşayiət olunmaqla yüklərin kombinə edilmiş daşınmaları barədə fikirlər söylənilir. Burada müşayiət olunmadan nəqletmə, sərhədlərdən keçid – dövlət sərhədlərini keçmə məsələləri, yüklərin kombinə edilmiş nəqliyyatla daşınmasının dəstəklənməsi və həvəsləndirilməsi mexanizmləri, əməkdaşlıq və birgə komissiyanın funksiyaları və bu prosesdə meydana çıxan pozuntuların həlli öz əksini tapmışdır. Hesab edirəm ki, Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında iqtisadi əməkdaşlığın genişlənməsində bu saziş əməli töhfə verəcəkdir. Qeyd etmək istərdim ki, bu saziş İqtisadi siyasət daimi komissiyasında müzakirə edilmiş və Milli Məclisin müzakirəsinə çıxarılması haqqında qərar qəbul edilmişdir. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Gültəkin Hacıyeva.
G. Hacıyeva. Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında beynəlxalq kombinə edilmiş yük daşımaları haqqında” Saziş komissiyamızda müzakirə edilib. Bu saziş kombinə edilmiş yük daşımaları sahəsində Azərbaycan–Belarus münasibətlərini tənzimləyir və eyni zamanda, hər iki ölkənin iqtisadi inkişafı üçün mühüm töhfə ola biləcək bir sənəddir. Qeyd etmək istəyirəm ki, bu saziş son dövrlərdə Azərbaycanın həyata keçirdiyi müxtəlif iri layihələrin nəticəsində mümkün olmuşdur. Bu yaxınlarda tikintisinə başlanılmış Qars-Axalkalaki-Tbilisi-Bakı dəmir yolu, eyni zamanda, Azərbaycanın TRASEKA layihəsində çox mühüm bir halqa olması buna sübutdur.
3 müxtəlif sahədə – dəmir yolu, su və avtomobil nəqliyyatından istifadə ilə yük daşımanı ehtiva edən kombinə edilmiş yük daşımalarının reallaşmasında Azərbaycan müstəsna əhəmiyyətə malikdir. Bu baxımdan bu saziş həm Azərbaycanın, həm də Belarusun iqtisadiyyatına bir töhfədir. Eyni zamanda, qeyd etdiyim kimi, bu, Azərbaycanda bu günə qədər həyata keçirilən uğurlu siyasətin ən bariz təzahürüdür. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Başqa təklif yoxdursa, xahiş edirəm, Sazişə münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 12.45 dəq.)
Lehinə 96
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 1 
İştirak edir 98
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ Azərbaycan Respublikası Prezidentinin və Latviya Respublikası Prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi barədədir. Gültəkin Hacıyeva, buyurun.
G. Hacıyeva. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin bəhrələri göz önündədir. Bu yaxınlarda Azərbaycan Respublikası Prezidentinin Fransaya çox yüksək səviyyəli dövlət səfəri reallaşdı. Hazırda Azərbaycan Respublikası Prezidentinin Almaniyaya rəsmi səfəri davam edir. Bu səfərin gedişindən çox mühüm nəticələrin olacağını bəri başdan görmək mümkündür.
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il oktyabrın 4-də və 5-də Latviya Respublikasına çox uğurlu, mühüm bir səfəri olmuşdur. Bu səfər özlüyündə Azərbaycan–Latviya münasibətlərinin məntiqi davamıdır. Mən qeyd etmək istəyirəm ki, bu münasibətlər, doğrudan da, nümunəvi xarakter daşıyır. Bir il öncə, 2005-ci il oktyabr ayının 2-də Latviya Respublikasının Prezidenti xanım Vaira Viki-Frayberqanın Azərbaycana rəsmi səfəri baş tutmuşdur. Bundan bir il sonra Azərbaycan Respublikasının Prezidenti Latviyaya səfər etmişdir. Bu səfərlər çərçivəsində müxtəlif sahələri əhatə edən sənədlər, o cümlədən iqtisadi əməkdaşlıq, vergiqoyulma, investisiyaların təşviqi və qorunması, həmçinin gömrük əməkdaşlığı sazişləri imzalanmışdır.
Azərbaycan Respublikası Prezidentinin Latviya Respublikasına səfəri zamanı isə hava daşımaları, rabitə, informasiya və kommunikasiya texnologiyaları, təhsil, maliyyə, səhiyyə və tibb elmi sahələrində müxtəlif sazişlər imzalanmışdır. Ümumiyyətlə, qeyd etmək istərdim ki, Latviya–Azərbaycan münasibətləri kifayət qədər sağlam və dinamik bir zəmin üzərində inkişaf edir. Bu münasibətlər, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlığı özündə ehtiva edir.
Azərbaycan Respublikasının Avropa Şurasında fəaliyyət göstərən nümayəndə heyəti ilə Latviya Respublikasının bu təşkilatdakı təmsilçiləri arasında əməkdaşlıq haqqında saziş imzalanıb və bu sazişdə, eyni zamanda, Latviya parlamentinin Avropa İnteqrasiya Komitəsi də iştirak edib.
Mən böyük məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, keçən il BMT-də GUAM ölkələri ərazisində dondurulmuş konfliktlər məsələsinin müzakirəsi zamanı hər üç Baltik respublikası kimi Latviya da Azərbaycanın, o cümlədən GUAM ölkələrinin mövqeyini birmənalı dəstəklədi və Azərbaycan üçün çox prinsipial əhəmiyyət daşıyan bu məsələdə Azərbaycan mövqeyindən çıxış etdi. Bu məqam Latviyaya səfəri zamanı hörmətli Prezident İlham Əliyev tərəfindən dəfələrlə vurğulandı.
Birgə Bəyannamədə də göstərildiyi kimi, Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsində Latviya həmişə prinsipial mövqedən çıxış edib. Bu mövqe ondan ibarətdir ki, Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn hamılıqla tanınmış prinsipləri və normaları əsasında, xüsusi ilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədlərin toxunulmazlığına hörmət və riayət edilməsi əsasında sülh yolu ilə həll edilməlidir. Bu, doğrudan da, çox mühüm bir mövqedir və Azərbaycan-Latviya münasibətlərinin ana xəttini təşkil edir.
Prezidentlərin imzaladığı bu bəyannamənin ən mühüm cəhətlərindən biri də ondan ibarətdir ki, burada tərəflər Avropa enerji təhlükəsizliyinin artan önəmini vurğulamaqla yanaşı, Azərbaycanın Avropa enerji təhlükəsizliyinin təmin olunmasındakı iştirakını yüksək dəyərləndirirlər. Bu kontekstdə tərəflər Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin açılması və istismara verilməsinin, habelə Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri və Bakı-Tbilisi-Axalkalaki-Qars qaz dəmir yolu layihələrinin həyata keçirilməsinin beynəlxalq əhəmiyyətini vurğulayırlar. Xüsusi ilə də mən qeyd etmək istəyirəm ki, Bakı-Tbilisi-Axalkalaki-Qars qaz dəmir yolu layihəsinə erməni diasporunun təzyiqi ilə ABŞ Konqresində Amerikanın maliyyə dəstəyi verməməsi ilə bağlı qəbul edilən qərarın ortada olması fonunda Latviya-Azərbaycan prezidentləri səviyyəsində qəbul edilmiş belə bir bəyannamə bu layihəyə siyasi dəstəyin birmənalı olaraq ifadə edilməsidir və İlham Əliyevin xarici siyasətinin uğurudur. Bu, Azərbaycanın beynəlxalq aləmdə artan çəkisinin, Azərbaycanın Qafqazın lider ölkəsi olaraq artan geosiyasi əhəmiyyətinin etirafı deməkdir. Bu baxımdan bəyannamədə həmin bəndin qeyd olunması, sözsüz ki, çox müsbət haldır. Deməli, bəyannamə 2006-cı il 4 oktyabr tarixində Riqa şəhərində imzalanmışdır. Qeyd etdiyim kimi, bu saziş Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasında müzakirə edilib. Millət vəkilləri bu bəyannaməyə çox yüksək qiymət verməklə yanaşı, onun Azərbaycan-Latviya münasibətlərinin inkişafında mühüm əhəmiyyətini qeyd etmişlər. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 12.52 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1 
İştirak edir 96
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul olundu.
Gündəliyin növbəti məsələsi “Azərbaycan Respublikası Hökuməti və Latviya Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında” Sazişin təsdiq edilməsi barədədir. Ziyad Səmədzadə, buyurun.
Z. Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Hörmətli Gültəkin xanım birgə bəyannamə barədə çox ətraflı məlumat verdi. Bu bəyannamənin reallaşması ilə əlaqədar olaraq hər iki dövlət arasında hava əlaqəsi haqqında sazişin imzalanması çox mühüm əhəmiyyət kəsb edir. Bu sazişin bağlanmasında məqsəd hər iki dövlətin müvafiq əraziləri arasında və kənarda müntəzəm hava əlaqəsi yaratmaqdır. Hava əlaqəsi haqqında saziş hər iki dövlət arasında münasibətlərin inkişafına müsbət təsir göstərəcəkdir.
Saziş beynəlxalq standartlara uyğun olaraq hazırlanmışdır və bu cür sazişlər Milli Məclisdə dəfələrlə müzakirə edilmişdir. Ona görə də İqtisadi siyasət daimi komissiyası hesab edir ki, belə bir sazişin bağlanması iki ölkə arasında münasibətlərin, iqtisadi əlaqələrin, yük daşımalarının təkmilləşməsinə xidmət edəcəkdir. İqtisadi siyasət daimi komissiyası təklif edir ki, bu saziş Milli Məclisin bugünkü iclasında təsdiq edilsin. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Başqa təklif yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 12.54 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0 
İştirak edir 96
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədədir. Əli Hüseynov, buyurun.
Ə. Hüseynov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Cənab Prezident tərəfindən “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 40-cı maddəsinin 2-ci hissəsinin çıxarılması təklif olunur. Mən bunun səbəbi haqqında qısa bir arayış verim. Məsələ burasındadır ki, qanuna görə Məhkəmə ekspertizası idarəsinin fəaliyyət qaydası haqqında Əsasnamə müvafiq icra hakimiyyəti tərəfindən müəyyənləşdirilirdi. Amma bilirsiniz ki, biz bu yaxınlarda “Ədliyyə orqanlarında xidmət keçmə haqqında” Qanun qəbul etdik. Bu qanunun tətbiqi ilə bağlı cənab Prezident tərəfindən fərman imzalandı. Həmin fərmanın müddəalarının birində qeyd olunur ki, ədliyyə orqanları öz tabeçiliyində olan orqanların əsasnaməsini özləri təsdiq edirlər. Bu baxımdan artıq belə bir müddəaya ehtiyac qalmır. Bu hissənin çıxarılması, belə deyək, qanunvericiliyimizin səliqəyə salınmasına xidmət edir. Xahiş edirəm, bu dəyişikliyə səs verəsiniz. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Başqa təklif yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 12.56 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0 
İştirak edir 96
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklərin edilməsi barədədir. Arif Rəhimzadə, buyurun.
A. Rəhimzadə, Milli Məclisin Regional məsələlər daimi komissiyasının sədri.
Sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bildiyiniz kimi, bu yaxınlarda Xırdalan qəsəbəsinə şəhər statusu verilibdir. Bununla əlaqədar “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Qanuna əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”na düzəliş edilir. Məsələyə komissiyada baxılıb və Milli Məclisin müzakirəsinə tövsiyə edilib. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 12.57 dəq.)
Lehinə 95
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0 
İştirak edir 96
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul olundu.
Növbəti məsələ “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədədir. Əli Hüseynov, buyurun.
Ə. Hüseynov. Çox sağ olun. Cənab Sədr, hörmətli həmkarlarım! “Dövlət qulluğu haqqında” Qanuna edilən bu dəyişiklik büdcədən maliyyələşən və müvafiq icra hakimiyyəti orqanlarının tabeliyində olan orqanların təsnifatına və təbii ki, onların büdcə məsələlərinin həllinə yönəlibdir. Biz bu qəbildən olan bir qanun qəbul etmişdik və o zaman nazirliklərin nəzdində olan agentliklərin təsnifatını müəyyənləşdirmişdik. Burada 8.1.7-ci maddə bütövlükdə yerli icra hakimiyyəti orqanlarının və yerli məhkəmələrin aparatlarına həsr olunub. Bu maddədə onların təsnifatı müəyyənləşdirilib. Nəzərinizə çatdırım ki, bu qəbildən büdcədən maliyyələşən, amma təsnifatda göstərilməyən orqanlar var. Misal üçün, Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-kooperativ idarəsi, Memarlıq və şəhərsalma idarəsi kimi qurumlar var ki, büdcədən maliyyələşir, amma təsnifatda yer almır. Bu dəyişiklik məhz bu problemin həllinə yönəlmişdir. Ona görə hesab edirəm ki, bu, qəbul olunmalıdır. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Elmira Axundova.
E. Axundova. Çox sağ olun. Hörmətli Oqtay müəllim, ümumiyyətlə, “Dövlət qulluğu haqqında” Qanunda bir sıra boşluqlar var. Qanuna yenidən baxılmalıdır. Söhbət nədən gedir? Məsələ ondadır ki, bu qanun qəbul edildikdən sonra bir sıra narazılıqlar yaranıb və bu narazılıqların kökləri heç də əsassız deyil. Bir neçə ay bundan qabaq yazıçı deputatlara, o cümlədən mənə “Azərnəşr”in Plan-maliyyə şöbəsinin keçmiş müdiri ərizə ilə müraciət edib və bəzi suallara cavab verməyi xahiş edibdir. Bu nəşriyyat vaxtı ilə Nəşriyyat və Poliqrafiya üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərirdi. Nəşriyyatın rəhbər işçiləri bu dövlət komitəsinin nomenklatur işçiləri sayılırdılar. Daha onu demirəm ki, “Gənclik” və “Azərnəşr” kimi böyük və rentabelli nəşriyyatlar dövlət komitəsinin xərclərini ödəyir və faktiki olaraq, onu saxlayırdılar. Amma dövlət komitəsindən fərqli olaraq onlar dövlətə böyük mənfəət verirdilər. Amma “Dövlət qulluğu haqqında” Qanun qəbul ediləndən sonra nəşriyyatın rəhbər işçiləri, bu çətin və məsuliyyətli işdə 30-40 il işləyənlər kənarda qalıblar.
Elə bizim Dövlət Televiziya və Radio Komitəsində vaxtilə vicdanla işləmiş qocaman rejissor və operatorlarımızı götürək. Onlar da dövlət qulluqçusu statusuna malik deyillər və indi bir çox qocaman sənət adamları ağır şəraitdə yaşayır, çox az pensiya alırlar. Bu komitənin işçilərindən yalnız keçmiş rəhbərlər yüksək pensiya alırlar. Çox qəribə məntiqdir. Onlar sovet vaxtında da öz işçilərindən qat-qat yaxşı yaşayırdılar, indi də onlardan 10 dəfə yüksək pensiya alırlar. Halbuki qocaman radio və televiziya işçiləri, rejissorlar, operatorlar, redaktorlar sovet vaxtında bizim milli televiziyanın özülünü qoyublar, Qızıl fondunu yaradıblar. İndi də biz bu Qızıl fonddan bəhrələnirik, onun əsasında müstəqil televiziyamızı yaradırıq.
Biz, bir qrup deputat dövlət başçısına bu məsələ ilə əlaqədar məktub göndərmişik. Mən inanıram ki, məsələ öz həllini tapacaqdır. Seçicilərimdən tez-tez məktub alıram, onlar da bu qanundan gileylənirlər və sual verirlər ki, nə üçün 10 illərlə bu və ya digər dövlət strukturlarında işləyə-işləyə dövlət qulluqçusu statusuna malik deyillər. Mən istərdim ki, biz yuxarıdan təşəbbüs gözləmədən özümüz hərəkət edək və “Dövlət qulluğu haqqında” Qanuna müəyyən dəyişikliklər edək. Müvafiq icra hakimiyyəti orqanlarından xahiş edək ki, dövlət qulluqçusu statusunun tətbiq dairəsinə yenidən nəzər salsınlar və bəzi insanları da ora daxil etsinlər. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Elton Məmmədov.
E. Məmmədov. Təşəkkür edirəm. Cənab Sədr, hörmətli deputat həmkarlarım! Qanunvericilik təşəbbüsü qaydasında təqdim olunmuş bu qanun layihəsinə mən də müsbət münasibət bildirərək bu qanuna əlavə edilməsini zəruri saydığım bir məsələni nəzərinizə çatdırmaq istəyirəm. Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin əməyinin ödənilməsinin tənzimlənməsi haqqında qanun layihəsi müzakirə olunarkən bu məsələni diqqətinizə çatdırmışdım. İndi bilavasitə lap yerinə düşən bir məqamda bir daha onu xatırlatmaq istəyirəm. Belə ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun məqsədi, vəzifələri, prinsipləri dövlət qulluqçuları ilə bağlı müəyyən edilmiş normalarla əlaqədar olduğu üçün mən mətləbə keçərək bu sahədə uzun müddət işləmiş şəxslərin hüquqları nöqteyi-nəzərindən bir cümlənin ora əlavə olunmasını təklif edirəm. Mən də hörmətli həmkarım Elmira xanımın dediyi fikirlərə şərik çıxaraq, ümumilikdə, “Dövlət qulluğu haqqında” Qanuna müəyyən dəyişikliklərin edilməsi prinsipinə müsbət yanaşıram.
Deyəcəyim fikir 17-ci maddənin 1-ci bəndinin ikinci cümləsinə aiddir. “Dövlət qulluqçusunun qulluq stajına 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında” sözlərindən sonra “eləcə də mərkəzi icra hakimiyyəti orqanları yaradılanadək həmin orqanların səlahiyyətlərini həyata keçirmiş idarə, təşkilat və ya müəssisələrdə iş müddəti daxil edilir” ifadəsinin əlavə edilməsini məqsədəuyğun hesab edirəm. Fikrimi əsaslandırmaq üçün, hörmətli cənab Sədr, bir çox misallar gətirə bilərəm. Əvvəllər mərkəzi icra hakimiyyəti orqanı kimi fəaliyyət göstərən müxtəlif idarələrin mərkəzi aparatlarının uzunmüddətli iş stajına malik olan işçiləri təcrübəli kadrlar kimi işlədikləri orqanların səlahiyyətlərini yerinə yetirən, lakin dövrün tələbi ilə yeni yaradılan bir sıra nazirliklərin mərkəzi aparatlarına dövlət qulluğu vəzifəsinə təyin olunmuşlar. Lakin qanunun qeyd etdiyim maddəsində onların əvvəlki fəaliyyətinin dövlət qulluqçusu kateqoriyasına aid edilməməsi qulluq stajının hesablanması və ixtisas dərəcələrinin verilməsi zamanı özünü qabarıq şəkildə göstərir. Buna görə dövlət qulluqçusunun hüquqi vəziyyəti ilə bağlı məsələləri tənzimləyən “Dövlət qulluğu haqqında” Qanuna qeyd etdiyim əlavənin edilməsinə zərurət yaranır. Fikrimi bir daha nəzərinizə çatdıraraq, hörmətli Sədr, qeyd etdiyim fikirlərin bu maddəyə əlavə olunmasını xahiş edirəm. Hesab edirəm ki, bu məsələ ilə bağlı çox hörmətli komissiya sədri qanunvericilik təşəbbüsünün subyekti ilə danışmalıdır. Hörmətli Sədr, təbii ki, Sizin danışmağınız bu məsələnin müsbət həllini sürətləndirərdi. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Eldar Quliyev.
E. Quliyev. Çox sağ olun. Cənab Sədr, hörmətli millət vəkilləri! Məlumdur ki, “Dövlət qulluğu haqqında” Qanun qəbul edildikdən sonra ona bir sıra əlavə və dəyişikliklər edilmişdir. Bu da həmin qanunun təkmilləşməsinə və dövlət orqanlarının burada daha dolğun əhatə edilməsinə xidmət edir. Bununla yanaşı, bu qanunun ən çox mübahisə doğuran bir məqamı var. Bəzi vətəndaşların haqlı narazılıqlarına səbəb olan məsələlərdən biri qurumların, dövlət orqanlarının təsnifatıdır. Bu gün Milli Məclisin müzakirəsinə təqdim olunan qanun layihəsi də həmin məsələyə həsr olunur və bir qrup insanın narazılıqlarının aradan qaldırılmasına xidmət edir. Dövlət orqanlarının təsnifatına həsr olunmuş 8.1.7-ci maddəyə “müvafiq icra hakimiyyəti orqanlarının tabeliyində olan orqanları” sözlərinin əlavə edilməsi bu məsələnin qeyri-müəyyənliyini aradan qaldıracaqdır.
Bununla yanaşı, 8.1.7-ci maddəyə edilən dəyişikliklərlə əlaqədar bir məqamı nəzərinizə çatdırmaq istərdim. Belə ki, 8.1.7-ci maddədə adları çəkilən orqanlar aydındır və heç bir mübahisə doğurmur. Lakin maddəyə əlavə edilən “müvafiq icra hakimiyyəti orqanlarının tabeliyində olan orqanları” ifadəsi ümumi xarakterli olduğundan, məsələyə aydınlıq gətirmir. Bu orqanların dəqiqləşdirilməsi üçün müvafiq normativ-hüquqi aktın qəbul edilməsinə ehtiyac duyulur. Bunu nəzərə alaraq 8.1.7-ci maddənin birinci cümləsindən sonra aşağıdakı məzmunda ikinci cümlənin əlavə edilməsi bu məsələyə aydınlıq gətirər, yeni mübahisələrin yaranmasının qarşısını alar: “Müvafiq icra hakimiyyəti orqanlarının tabeliyində olan orqanların təsnifatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir”. Belə olarsa, müvafiq icra hakimiyyəti orqanları yaddan çıxan orqanlar olduğu halda, normativ-hüquqi aktlar əsasında müvafiq dəyişikliklər eləyə bilərlər.
Məndən qabaq çıxış eləyən bir neçə millət vəkili də bu məsələni qaldırdı. Hazırda da fəaliyyət göstərən “Azərmeliorasiyatikinti”, “Azərenerji”, “Azərkəndtexnika”, “Azərkəndkimya” və sair orqanların işçiləri bizə müraciət edərək onların dövlət qulluqçuları olub-olmamalarını soruşurlar. Xahiş edərdim ki, onların hara aid olması məsələsinə bir də dəqiqlik gətirsinlər. Çünki bu təşkilatlar uzun müddətdir ki, fəaliyyət göstərir və büdcədən maliyyələşirlər. Xahiş edərdik ki, bu məsələlərə bir aydınlıq gətirilsin. Sağ olun.
Sədrlik edən. Sağ olun. Cəmil Həsənli.
C. Həsənli. Təşəkkür edirəm. Cənab Sədr, hörmətli millət vəkilləri və mətbuat nümayəndələri! “Dövlət qulluğu haqqında” Qanuna əlavələr edilməsi ilə bağlı qanun layihəsinə mən də münasibət bildirmək istəyirəm. Yeri gəlmişkən, Oqtay müəllim, məndən öncə çıxış edən deputatların təklifinə qoşuluram. Biz bu məsələ ilə əlaqədar vətəndaşlardan çoxlu sayda ərizə, şikayət və müraciətlər alırıq. Bu özü də təsdiq eləyir ki, “Dövlət qulluğu haqqında” Qanundakı təsnifat keçmişdə mövcud olan idarə və təşkilatları bütövlükdə əhatə etmədiyi üçün belə narazılıqlar meydana gəlmişdir. Eyni statusa malik olan bir idarə, bir komitə, bir nazirlik bu qanunun əhatəsinə düşür, digər komitə, yaxud da ittifaq, agentlik düşmür. Ona görə də bu məsələlərə bir aydınlıq gətirib, vətəndaşlara yetərli bir cavab vermək lazımdır.
Məlum olduğu kimi, vaxtı ilə nazirlik hüququna, yəni o səlahiyyətlərə malik komitələr var idi. Bu komitələr müəyyən mülahizələrə görə belə adlanırdı. Amma bunlar, əslində, nazirlik funksiyasını yerinə yetirirdilər. Məsələn, Dövlət Təhlükəsizliyi Komitəsi, Dövlət Televiziya və Radio Verilişləri Komitəsi və sair. Bunların həmin dövrün nazirliklərindən heç bir fərqi yox idi.
İkinci ciddi məsələ, Oqtay müəllim, həmin dövrdə ittifaq tabeçiliyində olan nazirliklərlə, idarələrlə bağlıdır. Onların da həmin dövrdəki statusu nazirliklərlə bərabər idi. Məsələn, elə Elmira xanımın bayaq adını çəkdiyi Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin işçilərini götürək. Onlar uzun müddət həmin komitədə rəhbər vəzifədə işləyən adamlardır. Nə üçün Mədəniyyət Nazirliyində çalışan adamlar bura düşməlidir, amma Dövlət Televiziya və Radio Verilişləri Komitəsində eyni vəzifəni daşıyanlar “Dövlət qulluğu haqqında” Qanunun əhatə dairəsinə düşməməlidirlər? Mən bunu bir nümunə kimi dedim. İnanın ki, qanunda bu tipli uyğunsuzluqlar çoxdur. Bütün bunların aradan qaldırılması üçün rica edirəm, müvafiq komissiyaya tapşırasınız ki, bu məsələni bir də araşdırsın. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S. Novruzov. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən bir şeyi xatırlatmaq istəyirəm ki, cənab Sədr, biz bu gün “Dövlət qulluğu haqqında” Qanunun müzakirəsini aparmırıq. Sadəcə olaraq, ora bir əlavə edilir. Həmkarlarım da çıxışlarını, əsasən, “Dövlət qulluğu haqqında” Qanuna həsr eləyiblər. Az qalıb ki, artıq bütün kolxoz, sovxozlar və digər idarələrdə işləyən insanlar da özlərini dövlət qulluqçusu hesab eləsinlər.
Dövlətin nə qədər qulluqçusu olar? Bütün millət tökülüb dövlətin büdcəsinin üstünə ki, nəsə qoparsın. Biri fikirləşmir ki, mən dövlətin büdcəsinə nə verməliyəm, hansı vergini ödəməliyəm, hansı addımı atmalıyam? Onun nəticəsidir ki, bu gün Azərbaycanda 4 milyon işləyən əhalinin 40 faizi pensiya alır. İstəyirlər ki, müxtəlif yollarla dövlətin büdcəsindən nəsə qoparsınlar. Əslində, bütün bu məsələlər Azərbaycan Respublikası Konstitusiyasının qəbulundan sonrakı dövrə aid edilməlidir. Bəli, sovet dövründə fəaliyyət göstərən bəzi idarələrə müstəqillik dövründə heç bir ehtiyac yoxdur. Yəni ümumi ticarət mərkəzi vardı, biz bazar iqtisadiyyatına keçmişik. Tutalım, quraşdırma idarəsi var idi, indi özəl tikinti quraşdırma idarəsi olub. İndi belə deyək, biz tikintidə işləyənə dövlət qulluqçusu statusu veririksə, onda ev tikən şirkətlərin hamısının rəhbərlərinə dövlət qulluqçusu statusu verməliyik?
Hər bir məsələyə yanaşmada bir məntiq olmalıdır. Hesab edirəm ki, əvvəllər onun müəyyən hissəsinin tətbiq olunması düz deyildi. Biz bunu o adamlara tətbiq elədik ki, onlar ömrü boyu Azərbaycan xalqına heç bir xeyir verməyiblər. Müstəqilliyin əleyhinə olan insanlar bu gün bundan bəhrələnməyə başlayıblar. İstər pensiya, istərsə də başqa-başqa baxımlardan. Ömrü boyu Azərbaycanın həlledici məqamlarında çəkilib qıraqda duran partiya, sovet işçiləri indi tökülüşüb pensiya istəyirlər. Vətənin dar günündə harada idiniz? Qarabağ məsələsi müzakirə olunanda harada idiniz? Deputatlara müraciət edənlərin bir qrupu da SSRİ Ali Sovetinin deputatı olub. 1988–1989-cu illərdə Dağlıq Qarabağ münaqişəsi müzakirə olunanda ağızlarına su almışdılar. İndi pensiya dalınca düşüblər, pensiya tələb eləyirlər.
Biri televiziyada iki dəfə tar çalıb, indi gəlib deyir ki, mən də dövlət qulluqçusuyam. Hər şeyin öz yeri var, hər şeyin qayda-qanunu var. Biz dövlət qulluqçusu statusunu ucuzlaşdırmamalıyıq. Bu adı alan dövlətə xidmət eləməlidir. Gündə bir idarə müraciət edir. Ona görə də bizim bu məsələni qaldırmağımız məqsədəuyğun deyil. Xahiş edirəm, təklif olunan məsələyə münasibətimizi bildirək və qanunumuzu qəbul eləyək. Sağ olun.
Sədrlik edən. Sağ olun. Yazılanlardan təkid eləyən varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Fəzail Ağamalı, buyurun.
F. Ağamalı. Çox sağ olun, cənab Sədr. Mən ölkə Prezidenti tərəfindən Milli Məclisin müzakirəsinə təqdim edilən bu layihənin qəbul edilməsinə tərəfdaram və hörmətli həmkarlarımı da buna müsbət münasibət bildirməyə dəvət edirəm. Burada ən müxtəlif təkliflər səsləndi. Təbii ki, bunların içində reallığa söykənən təkliflər çoxdur. Elə təkliflər var ki, onların ətrafında müəyyən mübahisələr etmək olar. Hörmətli cənab Sədr, əgər söhbət dövlət qulluğu ilə bağlı ayrı-ayrı kateqoriyalara məxsus olan işçilərdən gedirsə, mən də təklif edərdim, bu, gələcəkdə Milli Məclisin rəhbərliyi səviyyəsində müzakirə predmeti ola bilər. Söhbət ali məktəb rəhbərlərinə dövlət qulluqçusu statusu verilməsindən gedir. O ali məktəblərə ki, onlara hazırda dövlət statusu verilib. Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Tibb Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitet və sair. Bu təhsil müəssisələrinin dekanlarına, kafedra müdirlərinə, rektorlarına da bu statusun verilməsi çox ədalətli olardı. Sağ olun.
Sədrlik edən. Sağ olun. Fəzail müəllim, bu müəssisələrin heç də hamısı büdcədən maliyyələşmir. Bunlar həm də təsərrüfat hesablı təşkilatlardır. Ona görə də bunu onlara tətbiq eləmək olmaz. Digər tərəfdən, biz indi bu qanun layihəsinə edilən dəyişikliyi qəbul eləməliyik. Verilən təklifləri komissiyaya tapşırarıq, sonra isə Milli Məclisdə buna baxarıq. Ona görə xahiş edirəm, qanun layihəsinə münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 13.17 dəq.)
Lehinə 91
Əleyhinə 1
Bitərəf 1
Səs vermədi 0 
İştirak edir 93
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Gündəliyin növbəti məsələsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” 2006-cı il 28 noyabr tarixli 183-III QD nömrəli Qanununa əlavə edilməsi barədə qanun layihəsidir. İqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə, buyurun.
Z. Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Təklif olunan variant belədir: “Bu Qanun 2007-ci il yanvarın 1-dən, onun I hissəsinin 8-ci bəndi və 10-cu bəndində nəzərdə tutulmuş 17.8-ci maddə isə 2007-ci il martın 15-dən qüvvəyə minir”. Bu qədər. Ancaq bir maddədə vaxt məsələsi müəyyən edilmişdir. Sağ olun.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 13.19 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0 
İştirak edir 95
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ Azərbaycan Respublikasının “Şərəf” və “Dostluq” ordenlərinin təsis edilməsi haqqında qanun layihəsidir. Əli Hüseynov, buyurun.
Ə. Hüseynov. Çox sağ olun, cənab Sədr. Cənab Prezident tərəfindən “Şərəf” və “Dostluq” ordenlərinin təsis edilməsi haqqında çox mühüm bir qanun layihəsi təqdim olunub. İlk növbədə qeyd etməliyəm ki, Azərbaycan ordenlərinin sırasına iki ordenin də əlavə olunması çox mühüm bir hadisədir.
Yəqin ki, siz artıq bu sənədlərlə tanış olmusunuz. Qısaca onu demək istəyirəm ki, “Şərəf” ordeni ilk növbədə Azərbaycan dövləti və xalqı qarşısında böyük xidmətlərə görə təqdim olunur. “Şərəf” ordeni “Azərbaycan bayrağı” ordenindən sonra taxılmalıdır.
“Dostluq” ordeni isə Azərbaycan Respublikası ilə xarici ölkələr arasında dostluq, iqtisadi və mədəni əlaqələrinin, xalqlar arasında dostluğun möhkəmləndirilməsinə xidmət etmiş şəxslər üçün nəzərdə tutulur. “Şöhrət” ordenindən sonra taxılması nəzərdə tutulur.
Millət vəkillərinin diqqətinə çatdırmaq istəyirəm ki, qanun layihəsində kiçik bir texniki qüsur bizim tərəfimizdən aradan qaldırılıb. Məsələ burasındadır ki, qanun layihəsində səkkizinci və doqquzuncu abzasların əlavə olunması nəzərdə tutulur. Amma sıra hesabı ilə “Şərəf” ordeni “Azərbaycan bayrağı”ndan sonradır, “Dostluq” ordeni isə “Şöhrət” ordenindən sonradır. Ona görə xahiş edirəm, texniki düzəlişi nəzərə alasınız. Bu, altıncı və səkkizinci abzaslar kimi nəzərdə tutulmalıdır.
Hər iki ordenin geniş təsviri verilib. Məlumat üçün bildirirəm ki, bu ordenlərin təsviri işinə birbaşa bizim hörmətli Fərhad müəllim – Rəssamlar İttifaqının sədri rəhbərlik edir. Fərhad müəllimi Milli Məclisin iclasına dəvət etmişik. Təsvirlə bağlı meydana çıxan sualları o da cavablandıra biləcək.
Son olaraq onu da qeyd etmək istəyirəm ki, müstəqil Azərbaycan dövlətində iki yeni ordenin, özü də xüsusi əhəmiyyəti olan “Şərəf” və “Dostluq” ordenlərinin təsis edilməsi, hesab edirəm, dövlətçilik tariximizdə mühüm hadisələrdən biridir. Bu ordenlərin təsis olunması üçün qanun layihəsinə səs verməyinizi xahiş edirəm.
Sədrlik edən. Çox sağ olun. Əli müəllim dedi, Rəssamlar İttifaqının sədri hörmətli Fərhad Xəlilov da iclasda iştirak edir. Suallarınız olsa, cavab verəcək. Fazil Mustafayev.
F. Mustafayev. Çox sağ olun. Hörmətli Sədr, mənim prinsipcə “Dostluq” ordeni ilə bağlı iradım yoxdur. Amma ad seçimi ilə bağlı iradım var. Bütövlükdə “şərəf”, “namus”, “ləyaqət”, “vicdan” kimi sözlərin orden adında işlədilməsini məqsədəuyğun hesab eləmək olmaz. Çünki elə şeylər var ki, onu dövlət vermir, insan özü qazanır. Bu cür mücərrəd adların orden adında olması, – bəlkə bir çox ölkələrdə də var, – düzgün praktika deyil. Məsələn, “dostluq” anlaşılandır, xarici ölkələrlə müəyyən əlaqələr, müsbət xidmətlər olur. “İstiqlal”, “Azərbaycan bayrağı”, “İgidliyə görə” – bunlar anlaşılan terminlərdir. Amma elə terminlər var ki, onları konkretləşdirib orden adında ifadə eləmək, hesab edirəm, yanlışdır. Hər halda bu fikri ona görə diqqətə çatdırıram ki, gələcəkdə bu istiqamətdə fəaliyyət göstərəndə bu məsələlər nəzərə alınsın. İnsanın özünün qazanmalı olduğu adları, keyfiyyətləri dövlətin üzərinə yükləmək doğru deyil. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Rafael Hüseynov.
R. Hüseynov. Təşəkkür edirəm. Cənab Sədr, hörmətli millət vəkilləri! Azərbaycanın dövlət həyatında son dərəcə əlamətdar bir hadisə baş verir, təltiflərimizin sırasına iki vacib orden əlavə edilir. Düşünürəm ki, təltiflər yalnız bu gün deyil, bütün tarix boyu hər bir dövlətin, vətəndaş cəmiyyətinin həyatında son dərəcə diqqəti cəlb edən hadisə sayılmalıdır. Qədim bir aforizm var, deyirlər ki, şərəf xeyirxah əməllərin mükafatıdır. Yüz il əvvəl də, min il əvvəl də müxtəlif ölkələrdə mükafatlar olub və bu mükafatlar cəmiyyətin seçilməyə layiq insanları üçün düşünülüb.
Mən ordenlərin adları ilə bağlı bəzi düşüncələrimi bölüşmək istəyirəm. Azərbaycanda “Şöhrət” ordeni var idi, indi “Şərəf” ordeni təsis edilir. Zahirən bu sözlərin arasında bir səsləşmə var, amma mahiyyət başqadır. “Şərəf” ərəb sözüdür, çoxmənalı sözdür, onun ən üzdə olan mənalarından biri “uca mərtəbə” deməkdir. Dövlət bu orden üçün adı seçərkən çox dəqiq, sərrast düşünüb və düşünürəm ki, tam haqlıdır. Məhz cəmiyyətin içərisində seçilən elə insanlar var ki, onların “uca mərtəbə”sini təsdiqləmək lazımdır. “Şərəf” sözü də bu uca mərtəbəni dəqiq ifadə eləyə bilən bir anlayışdır. Ona görə də yalnız Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində “Şərəf” adlanan ordenlər vardır. Məşhur fransız yazıçısı Şampol Nikolyanın bir müdrik kəlamı gəlib zamanımıza çatıb. O deyir ki, hörmət nüfuzdan daha üstündür, ləyaqət məşhurluqdan daha dəyərlidir, şərəf şöhrətdən daha qiymətlidir. Ona görə də “Şərəf” ordeni “Şöhrət” ordenindən daha qabaqdadır. Mən “Şərəf” ordeninin təsis edilməsini və sıra etibarı ilə beşinci yerdə olmasını başqa nöqteyi-nəzərdən də çox əhəmiyyətli hesab edirəm. “Heydər Əliyev” ordeni, “İstiqlal” ordeni, “Şah İsmayıl” ordeni – bunlar elə ordenlərdir ki, nadir hallarda verilməlidir. Bunu alan insanlara biz gendən həsədlə baxmalıyıq. Bunlar nadir insanlardır. Sovet dövrünün 40-50-ci illərinin filmləri var. Bəzən görürük ki, bəstəkarın, şairin, dövlət adamının haqqında danışanda titrlərdə yazırlar: “filan ordenli filankəs”. Ayrı-ayrı ordenlər o qədər böyük çəkiyə malik olub ki, bunlar seçiliblər.
Düzdür, indi “İstiqlal” ordenini alanlar artıb. Düşünürəm ki, məhz “Şərəf” ordeni “İstiqlal” ordenini daha çox paylamaqdan, – bu ifadə kobud səslənsə də, bunu dilə gətirməliyəm, – bizi qurtarır. “Şərəf” ordeni yüksək mərtəbəli bir ordendir və Azərbaycan qarşısında böyük xidmətləri olan vətəndaşlarımıza təqdim olunacaqdır. Düşünürəm ki, bu, əhəmiyyətlidir.
“Dostluq” ordeninin yaranması da çox önəmlidir. Çünki Azərbaycanın dünya ilə əlaqələri getdikcə artır. Müxtəlif ölkələrdə səfirliklərimiz var, sıx iqtisadi əməkdaşlığımız yaranır. Bu ölkələrdə elə insanlar var ki, Azərbaycana can-dildən xidmət eləyirlər, ölkələrimiz arasında əlaqələrin artmasına çox böyük səylər göstərirlər. Odur ki, onların mükafatlandırılması, fərqləndirilməsi üçün “Dostluq” ordeninin yaranmasına böyük ehtiyac var. Hər iki ordenin təsis edilməsini dövlət tərəfindən vaxtında qəbul edilmiş qərarlar hesab edirəm.
Bir halda ki bu təltiflərdən söhbət düşüb, mən bir-iki başqa mülahizəmi də sizinlə bölüşmək istəyirəm. Bu da məhz ayrı-ayrı insanların dəyərləndirilməsi, seçilməsi ilə bağlıdır. Bəli, ordenlər və medallar fəaliyyətdə olan, sağ olan insanları şərəfləndirmək, qiymətləndirmək üçün düşünülüb. Doğrudur, tək-tək hallarda həyatda olmayan insanlara da ölümündən sonra ayrı-ayrı ordenlər verilir. Amma hər halda bu, fəaliyyətdə olan insanlar üçün düşünülmüş təltiflərdir. Amma millətə, dövlətə xidmət etmiş, dövlətin tarixində, yaddaşlarda qalan insanlar var. Mənə elə gəlir ki, onların xatirələrinə hörmətin əlaməti olan bir qanun layihəsini də ortaya qoymaq lazımdır.
Bir neçə gün öncə cənab Prezidentin bir fərmanı oldu, Azərbaycan xalqı qarşısında böyük xidmətləri olan səhnəmizin görkəmli xadimi Leyla Bədirbəylinin xatirə lövhəsinin vurulması haqqında qərar qəbul edildi. Ondan öncə, bir başqası haqqında belə bir qərar oldu. Amma belə pərakəndəliyin qarşısını almaq üçün bu, bir sistemə tabe olmalıdır, konkret istiqamətlər müəyyən edilməlidir. Bir qanun layihəsi ortaya qoyulmalıdır ki, kimlərin xatirə lövhəsi, kimlərin barelyefləri olmalıdır. Məsələn, Azərbaycan parlamentinin qurucularından olmuş Həsən bəy Ağayevin, faktiki olaraq, 1918-1920-ci illərdə Azərbaycan parlamentinə xidmət eləmiş bir insanın adına nəinki Bakı şəhərində bir küçə, heç xatirə lövhəsi yoxdur. Məhz buna görə bizi bu suallardan xilas edəcək bir qanun layihəsinin hazırlanmasına ehtiyac vardır.
Həsən bəy Ağayevdən söz düşmüşkən başqa bir məsələni də deyim. Tiflisdə “Botanika bağı” deyilən gözəl bir məkan var. Mirzə Fətəli Axundzadənin, Mirzə Şəfi Vazehin, Həsən bəy Ağayevin, bizim parlamentin ilk rəhbərlərindən biri olan Fətəlixan Xoyskinin, ilk baş nazirimizin, Əliqulu Qəmküsarın və neçə-neçə qiymətli azərbaycanlıların burada məzarları qalır. Mənə çatan məlumatlara görə Yanaşvili soyadlı bir gürcü iş adamı Botanika bağını almış və orada çox böyük quruculuq işləri aparır. Mən bilmirəm, o məzarların taleyi necə olacaq. Gələn il bizim parlamentin 90 yaşı tamam olur, mənə elə gəlir ki, parlament olaraq bir addım atmalıyıq. Hər halda orada Azərbaycan parlamentinin ilk rəhbərlərindən biri uyuyur. Düşünürəm ki, Azərbaycan parlament nümayəndə heyəti məzarları ziyarət etmək, bizim parlamentimizin qurucularından olan bir insanın xatirəsinə hörmət ifadə eləmək üçün ora səfər etməlidir. Yəqin ki, o səfərdə bizə Gürcüstan parlamentinin nümayəndələri də qatılacaqlar və artıq Gürcüstan cəmiyyətinə də bəlli olacaq ki, burada bizim üçün çox əziz olan bir ünvan var, gələcəkdə burada hər hansı işlər görülərkən Azərbaycanın bura olan diqqəti də nəzərə alınacaq.
Beləliklə, həm “Şərəf”, həm də “Dostluq” ordenlərinin yaranmasını Azərbaycanın dövlətçilik həyatında çox əhəmiyyətli hadisə hesab edirəm. “Şərəf” ordeni beşinci sırada dayanır və belə bir ordeni yaratdığına görə Azərbaycan dövlətinə “5” düşür. Arzu edirəm ki, Azərbaycanın dövlətçilik həyatında belə fərəhli hadisələr çox olsun. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. İsa Həbibbəyli.
İ. Həbibbəyli. Möhtərəm cənab Sədr, hörmətli millət vəkilləri! Mən “Şərəf” və “Dostluq” ordenlərinin təsis edilməsi haqqında qanun layihəsini ölkəmizin Prezidenti cənab İlham Əliyevin müstəqil dövlətimizdə ən müxtəlif kateqoriyadan olan insanların fəaliyyətinin qiymətləndirilməsi sahəsində göstərdiyi ardıcıl qayğının daha bir ifadəsi kimi yüksək qiymətləndirirəm. Hesab edirəm ki, bu ordenlərin təsis olunması ölkəmizin Prezidentinin müstəqil dövlətimizdə üstün fəaliyyətə malik olan insanları konkret şəkildə fərqləndirməsinə, rəğbətləndirməsinə daha bir münasib imkan yaradacaqdır.
Fikrimcə, təklif olunan adlar da düzgün seçilmişdir. “Şərəf” sözünün mənaları sırasında ucalıq, bütövlük, əzəmət, kamillik kimi mətləblər ifadə olunur. Məncə, bu, ordenin statusu ilə tamamilə üst-üstə düşür. Ümumiyyətlə, hər iki ordenin adı onların statusu ilə üst-üstə düşür və bir-birini tamamlayır. Mən bir ziyalı kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə fərqlənən, Vətən və xalq, dövlət və müstəqil ölkəmiz qarşısında böyük xidmətləri olan insanlara göstərilən qayğını ifadə eləyən bu ordenləri təsis etmək təşəbbüsünə görə dərin minnətdarlığımı bildirirəm. Deputat həmkarlarımı qanun layihəsinə müsbət səs verməyə çağırıram. Sağ olun.
Sədrlik edən. Sağ olun. Azay Quliyevin sualı var. Buyurun.
A. Quliyev. Təşəkkür edirəm, cənab Sədr. Mən, təbii ki, alqışlayıram, çox əhəmiyyətli və yerində təsis olunan ordenlərdir. Düşünürəm ki, Azərbaycanın ən layiqli insanları böyük bir şərəfə və böyük bir təltifə sahib olacaqlar. Mənim sualım texniki xarakter daşıyır. Mənim kompüterimdə “Şərəf” ordeninin ortası sanki batıq formada görünür. Bilmirəm, bu mənim kompüterimdədir, yoxsa hamıda elədir. Bunun xüsusi bir anlamı varmı? Bunu dəqiqləşdirmək istəyirəm. Sağ olun.
Sədrlik edən. Kompüterə səhv düşməyib, düz düşüb. İndi Ziyafət müəllimə söz verək, sonra ya Fərhad müəllim, ya da Əli müəllim bu suala cavab verərlər. Ziyafət Əsgərov, buyurun.
Z. Əsgərov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli deputat həmkarlarım! Mən də hesab edirəm ki, “Şərəf” və “Dostluq” ordenlərinin təsis edilməsi, doğrudan da, lazımdır. Dövlətimiz, xalqımız qarşısında, elm-texnika, səhiyyə və təhsil sahələrində böyük xidmətləri olmuş insanların təltif olunması olduqca lazımdır.
Mən burada səslənən bir məsələyə münasibət bildirmək istəyirəm. Fazil müəllim qeyd elədi ki, “şərəf” sözü ordenlə bağlanmasın. Mənim bu fikirlə bağlı mülahizəm var. Əvvəla, nəzərə almaq lazımdır ki, “şərəf” heç də mücərrəd anlayış deyil və yalnız mənəvi, əxlaqi kateqoriya deyil. Şərəf və ləyaqət həm də hüquqi kateqoriyalardır və mülki hüquqdan da bizə məlumdur ki, ləyaqət hər bir şəxsin özünə verdiyi qiymətdir, şərəf isə başqalarının şəxsin davranışına verdiyi qiymətdir. Konkret halda dövlət bu və ya digər vətəndaşa dövlət qarşısında, elm qarşısında xidmətlərinə görə qiymət verir, onu şərəfləndirir. “Orden” hüquqi fenomen olduğuna və “şərəf” də təkcə əxlaqi və mənəvi kateqoriya deyil, həm də hüquqi kateqoriya olduğuna görə bunlar tamamilə üst-üstə düşür. Çox yerində olan gözəl və sərrast bir ad seçilib. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Azay Quliyevin sualı oldu. Fərhad müəllim, “Şərəf” ordenində yaqutun üstündə batıq işarəsi nə deməkdir?
F. Xəlilov, Azərbaycan Rəssamlar İttifaqının sədri.
Hörmətli Sədr, hörmətli millət vəkilləri! İlk növbədə istərdim ki, sizin hamınızı təbrik eləyəm. Çoxdandır bu binada olmamışam və demək olar ki, binanı tanımaq olmur. Doğrudan da, gözəl, möhtəşəm zalda əyləşib, vacib işlər görürsünüz. Rahatlıq da, gözəllik də çox vacibdir və onlar bir-birinə yaraşır. O ki qaldı yaquta, bu, cilalanmış bir daşdır. Ona görə kompüterdə onun sərhədləri göstərilir. Burada ayrı bir şey yoxdur. Çox sağ olun.
Sədrlik edən. Xahiş edirəm, qanun layihəsinə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 13.37 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0 
İştirak edir 102
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Gündəliyin növbəti məsələsi “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanunu layihəsinin ikinci oxunuşda müzakirəsidir. Əli Hüseynov, buyurun.
Ə. Hüseynov. Təşəkkür edirəm, cənab Sədr. Bildiyiniz kimi, cənab Prezident tərəfindən Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında qanun layihəsi təqdim olunub. Birinci oxunuşda millət vəkillərinin çox aktiv iştirakı ilə verdikləri maraqlı irad və təkliflər nəzərə alınıb və ikinci oxunuşa təqdim edilib. Mən qanun layihəsinin birinci oxunuşu zamanı da demişdim ki, bir neçə prinsipial məqam millət vəkilləri arasında fikir ayrılığına səbəb olmuşdur. Bunları bir daha yada salmaq istəyirəm. Birincisi, hüquqi şəxslərin belə bir struktur yaratması ilə bağlı onlara verilən hüquq, ikincisi, mühafizə fəaliyyətində mülki silahdan istifadə edilməsinə verilən icazə idi. Bu iki məsələ çox ciddi müzakirə olundu. Qeyd etmək istəyirəm ki, bu məsələlər qanunvericilik təşəbbüsü subyektinin də nəzərinə çatdırılıb.
Mən konkret olaraq bildirmək istəyirəm ki, bütövlükdə mülki silahla bağlı məsələ, 16-cı maddə qanun layihəsindən çıxarılmışdır. Bu, qanunvericilik təşəbbüsü subyektinin mövqeyidir. Düzdür, bir qrup millət vəkili bunun lehinə olub, amma əksəriyyət bu maddənin əleyhinə idi. Qeyd etmək istəyirəm ki, bu maddənin çıxarılması, təbi ki, bütövlükdə qanuna olan münasibəti də dəyişdirib. Biz Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında qanunu təqdim edərkən bu fəaliyyət növünün sahibkarlıq fəaliyyəti olduğunu xüsusi vurğulamışdıq. Bilirsiniz ki, Azərbaycanda sahibkarlıq günü-gündən inkişaf edir və təbii ki, mülkiyyətin qorunması da aktual bir məsələyə çevrilir. Əslində bu fəaliyyət növü də mövcuddur. Çünki mülki qanunvericilik, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanun buna icazə verir, bunu istisna etmir. Yəni bu fəaliyyətlə məşğul olmaq olar. Amma bizim məqsədimiz burada meydana çıxan hər hansı bir ziddiyyətləri, o cümlədən qanun pozuntularını aradan qaldırmaq və artıq mövcud olan bu fəaliyyət növünü tənzimləməkdən ibarət idi. Amma, təbii ki, mülki silah müddəasının çıxarılması qanuna olan yanaşmanı da dəyişdirir. Bu baxımdan hesab edirəm ki, əslində belə sahibkarlıq bir mülki fəaliyyət növü kimi qiymətləndirilməlidir. Qeyd etdiyim kimi, millət vəkillərinin təklifi ilə 16-cı maddə bütövlükdə çıxarılmışdır və artıq mülki silahdan istifadə də istisnadır.
Qanunvericilik təşəbbüsü subyektinin mövqeyindən biri də budur ki, söhbət ancaq hüquqi şəxslərin mühafizəsindən gedə bilər. Təbii ki, fiziki şəxslərin də mülkiyyəti daxil olmaqla hüquqi şəxslər bundan istifadə edə bilərlər. Fiziki şəxslərin istifadə etməsi istisnadır. Əslində mülki silah olmayandan sonra bir zəruriyyət də qalmır ki, fiziki şəxslər bu xidmətdən istifadə etsinlər. Bu baxımdan xahiş edirəm ki, hörmətli millət vəkilləri fiziki şəxslərin də şəxsi mühafizə xidmətindən istifadə müddəasının burada olmamasını nəzərə alsınlar.
Geyim forması ilə bağlı hörmətli millət vəkilləri narahatlıqlarını bildirmişdilər. Adil Əliyev və Qənirə Paşayevanın təklifləri bundan ibarət idi ki, mühafizə strukturu üçün vahid geyim forması qəbul edilməlidir. Biz bu fikirlə tamamilə razıyıq və hesab edirik ki, doğrudan da, meydana çıxan hər hansı narahatlıqları aradan qaldırmaq üçün bu müddəa olmalıdır.
Adil müəllimin belə bir təklifi də olmuşdur ki, mühafizəçinin geyim formasını mühafizə olunan obyektin hüdudlarından kənarda daşıması istisna edilməlidir. Doğrudan da, bu düzgün bir məsələdir və nəzərə alınıb. 11.1-ci maddədə qeyd olunub ki, mühafizəçinin xüsusi geyim formasını mühafizə olunan obyektin hüdudlarından kənarda daşıması qadağandır. Yəni bu xidmətin əməkdaşı obyektdən kənarda formanı daşıya bilməz.
Mühafizəçilərin son yaş həddi ilə bağlı burada fikirlər səslənmişdir. Tahir Rzayev, Ərəstun Cavadov son yaş həddi ilə bağlı fikirlər söyləmişdilər. Qeyd etmək istəyirəm ki, əgər biz buna bir özəl fəaliyyət növü kimi baxsaq və düşünsək ki, bu, sahibkarlıq fəaliyyətidir, onda təbii ki, burada son yaş məhdudiyyətinin qoyulmasına heç bir zəruriyyət qalmır. Hörmətli həmkarlarım, qeyd etmək istəyirəm ki, müasir dövrdə mühafizə xidmətində əsas diqqət fiziki mühafizə üsullarından daha çox texniki üsullara verilir. Yəni müasir texnologiyalardan istifadə olunan mühafizələrdən söhbət gedir. Artıq o fiziki üsullar keçmişdə qalıb. Bu baxımdan, əlbəttə, burada yaş həddi şərt deyil. Burada daha çox bilik, bacarıq önə çəkilməlidir.
Təklif olunmuş məsələlərdən biri də məhkumluğu ödənilməmiş şəxslərin mühafizəçi işləməsinin qadağan olunması müddəasıdır. Bu fikir də qanun layihəsində öz əksini tapıb. 9.5-ci maddədə qeyd olunub ki, aşağıdakı şəxslər mühafizəçi vəzifəsinə qəbul oluna bilməz: “Qəsdən cinayət törətməkdə ittiham olunan və ya qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxslər”. Hesab edirəm, bu, tamamilə düzgün olan bir müddəadır. Düzgün irad idi və nəzərə alınıb. Qonşu ölkələrin də təcrübəsi göstərir ki, bəzən kriminal elementlər bu xidmət növündə yer tuturlar. Əslində onlar hər hansı bir hüquqa zidd əməlin qarşısını almaq əvəzinə, təəssüf ki, özləri buna yol vermiş olurlar.
Beləliklə, qeyd etmək istəyirəm ki, bu qanun müzakirə olunarkən əsas etibarı ilə konseptual baxımdan səslənmiş iradlardan vacibi-mülki silah istisna olunub. Amma digər məsələ – hüquqi şəxslərin bunu yaratması burada öz əksini tapmayıb. Bu, qanunvericilik təşəbbüsü subyektinin mövqeyidir.
Xarici hüquqi şəxslərin mühafizə xidməti yaratması ilə bağlı məsələni də qeyd etmək istəyirəm. Qəti mövqeyimiz belədir ki, xarici hüquqi şəxslərin mühafizə xidməti yaratmasına bizim qanun icazə vermir. Hesab edirəm, bu, tamamilə düzgündür. Xarici hüquqi şəxslər Azərbaycanda yaradılmış mühafizə strukturlarından istifadə edə və hüquqlarını Azərbaycan sahibkarları vasitəsilə qoruya bilərlər. Onlar üçün bu sahədə bərabər şərait yaradılmışdır.
Diqqətinizə görə təşəkkür edirəm. Elə bilirəm ki, ikinci oxunuşda da maraqlı təkliflər olacaq və biz də, təbii ki, işçi qrupunda bu məsələləri nəzərə alacağıq. Qeyd etmək istəyirəm ki, işçi qrupunda həm Milli Təhlükəsizlik Nazirliyinin, həm Daxili İşlər Nazirliyinin, həm də bizim Parlamentin əməkdaşları təmsil olunurlar. Sağ olun.
Azərbaycan  Respublikası  Milli  Məclisi  Sədrinin
birinci  müavini  Z. Əsgərov  sədrlik  edir

Sədrlik edən. Sağ olun, Əli müəllim. Bilirsiniz ki, qanun layihəsi ikinci oxunuşda müzakirə edilir. Ona görə də xahiş edirəm, qanun layihəsinin əsas kimi qəbul edilməsinə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 13.47 dəq.)
Lehinə 76
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 1 
İştirak edir 78
Yetərsay yoxdur

Kimlər səs verməyib? Xahiş edirəm, bir də səs verin.

Səsvermənin nəticələri (saat 13.47 dəq.)
Lehinə 108
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0 
İştirak edir 109
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Qanun layihəsinin müzakirəsinə başlayırıq. Tahir Süleymanov.
T. Süleymanov. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Vaxtınızı çox almamaq şərti ilə qanun layihəsi ilə bağlı bir neçə fikrimi sizinlə bölüşmək istərdim. Müzakirə etdiyimiz Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında qanun layihəsinin 9.1-ci maddəsinə görə mühafizəçi vəzifəsinə 21 yaşına çatmış Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar. Deməli, məntiqə görə mühafizəçi vəzifəsinə kişilərlə yanaşı, qadınlar da qəbul olunurlar. Qanunun 9.4.3-cü maddəsində isə qeyd edilir ki, həqiqi hərbi xidmət keçməmiş şəxslər mühafizəçi vəzifəsinə qəbul edilə bilməz. Belə çıxır ki, qadınlar həqiqi hərbi xidmət keçmədiklərinə görə mühafizəçi vəzifəsinə qəbul edilə bilməzlər.
Vəziyyətdən çıxış kimi nəyi təklif edərdim? Sizə məlumdur ki, 2006-cı il dekabrın 22-də Milli Məclisdə “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikasının Qanununa hərbi çağırışla bağlı bir sıra dəyişikliklər edilmişdir. Bu dəyişikliklər də öz növbəsində bir sıra qanunlara dəyişikliklər edilməsinə səbəb olmuşdur. Məsələn, bir sıra qanunlarda da göstərilib ki, həqiqi hərbi xidmət keçməyən şəxsləri prokurorluq, gömrük, ədliyyə orqanlarına işə qəbul etmirlər.
Xatırlatmaq istərdim ki, hərbi xidmətə çağırışla bağlı qanunda vətəndaşların ailə vəziyyəti və təhsillə bağlı bir sıra möhlət hüquqları nəzərdə tutulmuşdur. Bu baxımdan “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 15-ci maddəsinə, “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 9-cu maddəsinə, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əlavələr edilmişdir. Burada həqiqi hərbi xidmət keçməmiş şəxslərə bu orqanlarda işə qəbul edilməyə qadağa qoymaqla yanaşı, “qanuni əsaslarla müddətli hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla” redaksiyası öz əksini tapmışdır.
Yuxarıda qeyd etdiklərimin hüquq mühafizə orqanları olmasına baxmayaraq, belə bir müddəa bu qanunlarda öz əksini tapmışdır. Hesab edirəm ki, belə bir müddəa müzakirə etdiyimiz qanunda olmalıdır. Bu məsələ “Həqiqi hərbi xidmətə keçməmiş şəxslər” sözlərindən sonra “qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla” redaksiyasında öz əksini tapmalıdır.
Sonra, diqqətinizi qanun layihəsinin 20.2-ci maddəsinə cəlb etmək istərdim: “Özəl mühafizə müəssisələri və hüquqi şəxslərin mühafizə bölmələri özəl mühafizə fəaliyyətinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının verdiyi sorğulara əsasən müvafiq sənədləri, yazılı və şifahi məlumatları həmin orqanlara təqdim etməlidirlər”. Sorğu şifahi və ya yazılı ola bilər. Hesab edirəm ki, sorğu verilirsə, əslində bu, yazılı olmalıdır. Ona görə də “sorğulara” sözündən əvvəl “yazılı” sözü əlavə edilsə, məqsədəmüvafiq olardı. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Fazil Mustafayev.
F. Mustafayev. Təşəkkür edirəm. Mən hesab edirəm ki, olduqca ciddi müzakirə olunmalı bir qanundur. Birinci növbədə mən qanunun adının dəyişdirilməsini təklif edirəm. Hesab edirəm ki, bu “Qeyri-dövlət (özəl) mülkiyyətin mühafizəsi fəaliyyəti haqqında” qanun kimi adlandırılsa, daha doğru olar. Çünki 5.2-ci maddədə göstərilir ki, özəl mühafizə müəssisələri və hüquqi şəxslərin mühafizə bölmələri tərəfindən bu qanunla nəzərdə tutulmayan mühafizə xidmətlərinin göstərilməsi qadağandır. Yəni cangüdənlə şəxsin qorunması və digər bu cür fəaliyyət qadağandır. Burada söhbət, faktiki olaraq, mülkiyyətdən gedir və bunun da qanunun adında göstərilməsi vacibdir ki, gələcəkdə biz şəxslərin qorunması ilə bağlı qanunvericilik qaydasında hər hansı bir sənəd qəbul edəndə artıq bu cür məhdudiyyətlə qarşılaşmayaq. O baxımdan bir də təkrar edirəm ki, bu, “Qeyri-dövlət (özəl) mülkiyyətin mühafizəsi fəaliyyəti haqqında” qanun adlandırılsa, daha doğru olar.
Hesab edirəm ki, burada bir sıra maddələrdə də müəyyən dəyişikliklər edilməsi vacibdir. Maddə 9-da göstərilir ki, mühafizəçi vəzifəsinə 21 yaşına çatmış, mühafizəçilər üçün xüsusi hazırlıq kursunu bitirmiş vətəndaşlar qəbul olunur. Məncə, burada aydın yazılmalıdır. Çünki burada qadınlardan söhbət gedirsə, sabah problem yaranmasın deyə “hərbi xidmət keçmiş kişilər və 21 yaşına çatmış qadınlar” yazılsa, daha yaxşı olar. Kişilərə məhdudiyyət qoyulması doğru deyil. Kişilər üçün ən doğru məhdudiyyət elə hərbi xidmət keçmək şərtinin olmasıdır. Yəni hərbi xidməti 23 yaşında keçirsə, hərbi xidmət keçəndən sonra mühafizəçi fəaliyyətinə başlaması məqsədəuyğun sayılsa, daha yaxşı olar.
9.3-cü maddədə göstərilir ki, işə qəbul zamanı ilk dəfə, sonra isə mütəmadi tibbi müayinədən keçirilir. Bu “mütəmadi” qaranlıq məqamlara yol açan bir ifadədir. Yəni o deməkdir ki, istənilən vaxt bir bəhanə yaradıla bilər. Ona görə də burada dəqiq göstərilməlidir ki, ən azı ildə bir dəfə müayinədən keçirilir.
Hesab edirəm ki, 9.4.1-ci maddə çıxarılmalıdır. Çünki biz yuxarıda göstərmişik ki, tibbi müayinədən keçir. Təsəvvür edin, vətəndaş ruhi xəstəliyə, alkoqolizmə, narkomanlığa düçar olmaması barədə arayış verir. Bundan əlavə də tibbi müayinədən keçdiyi barədə arayış verir. Vətəndaşa bu 4 maneəni qoymağa nə ehtiyac var? Bu, tibbi arayışda göstərilə bilməzmi? Ona görə də hesab edirəm ki, bunu mühafizə xidmətində işə başlayan şəxsin öhdəsinə qoymaq doğru deyil, onun üçün problem yaranır.
Sonra, 9.4.3-cü maddədə həqiqi hərbi xidmət keçməmiş şəxslərdən söhbət gedir. Məncə, burada bəhanə verməmək üçün “kişilər” sözü yazılmalıdır. Çünki “şəxslər” Azərbaycanda qadınlara da aid edilir. Kişilər və qadınlar şəxslər kateqoriyasında ümumiləşdirilə bilir. Ona görə də burada konkret olaraq “kişilər” yazılması daha doğrudur.
10.2.2-ci maddədə yazılır ki, fiziki qüvvə və ya xüsusi vasitənin tətbiq edildiyi hər bir halda dərhal müvafiq icra hakimiyyəti orqanına və prokurorluq orqanına məlumat verilməlidir. Məncə, bura “prokurorluq orqanı”nın salınması yerində deyil, elə müvafiq icra hakimiyyəti orqanına məlumat vermək kifayətdir. Mühafizəçi həm müvafiq icra hakimiyyəti orqanına, həm Daxili İşlər Nazirliyinə məlumat verməlidir, həm də işini, gücünü atıb ayrıca olaraq prokurorluğa da məlumat verməlidir? Bir dövlət orqanı bildisə, məncə, bu məsələ ilə bağlı hər hansı bir tədbir görülməsi mümkün sayıla bilər.
Sonra, 11-ci maddənin, hesab edirəm ki, əksəriyyət bəndləri çıxarılmalıdır. Ancaq 11.1. 12-ci və 11.1. 13-cü maddələr saxlanıla bilər. Bunu əsaslandırıram. Burada yazılır ki, özəl mühafizə fəaliyyətini həyata keçirən şəxslərə aşağıdakılar qadağan edilir. Bunların hamısı Cinayət Məcəlləsindən tutmuş bütün məcəllələrdə yer almış qadağalardır. Bunun onun üzərinə əlavə öhdəlik kimi qoyulması doğru deyil.
Hesab edirəm, 11.1.3-cü maddənin, müddəaları 12.2-ci maddədə əks olunubdur və onun burada saxlanılmasının heç bir mənası yoxdur. Yəni 12.2-ci maddədə açıq-aşkar göstərilib ki, başqa geyim formasından istifadə olunmasına yol verilmir.
Sonra, məncə, 13.4-cü maddə yenidən işlənməlidir. Ona görə ki, burada mühafizəçi sanki ürək oxuyan kimi təsəvvür olunur. Yəni mühafizəçi qarşısındakı adamın əlil və yaxud da əsəblərinin yerində olub-olmamasını artıq intuisiya ilə dərk eləməli və fiziki qüvvə tətbiq eləyəndə bunları nəzərə almalıdır. Məncə, obyekti qoruyan zaman mühafizəçinin üzərinə bu cür öhdəliyin qoyulması doğru deyil.
17.6-cı maddədə göstərilir ki, bu qanunun pozulması özəl mühafizə fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş razılığın dayandırılması və ya ləğv edilməsinə əsasdır. Hörmətli Əli müəllim də razılaşar ki, burada ən azı bir xəbərdarlıq mexanizminin tətbiq olunması yerində olardı. Çünki birdən-birə adi bir elementar səhvdən, yaxud hansısa bir elementar qanun pozuntusundan müvafiq icra orqanına o müəssisəni bağlamağa şərait yarana bilər.
Nəhayət, mən 7.3-cü maddənin üzərində dayanmaq istəyirəm. Xarici hüquqi şəxslərə belə bir imkan tanınmamasını hörmətli Əli müəllim də qeyd etdi. Amma bu, “Xarici investisiyaların qorunması haqqında” Qanunun 5-ci maddəsinə ziddir. Yəni xarici şirkətlərin mülkiyyətlərinin qorunması ilə bağlı şərait yerli şirkətlərin qorunmasından az əlverişli olmamalıdır. Bu qanunun müddəalarına zidd olmayan bir forma tapıb daha yaxşı, daha normal qanun qəbul etmək olar. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Saat 4-ə qədər fasilə.

(FASİLƏDƏN  SONRA)

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir

Sədrlik edən. Xahiş edirəm, əyləşin. Müzakirəni davam etdiririk. Siyavuş Novruzov.
S. Novruzov. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Qanun layihəsi ilə bağlı burada fikirlər səsləndi və birinci oxunuşda da onların bəziləri deyilmişdi. Bəzi düzəlişlər aparılıbdır, təqdirəlayiqdir. Lakin birinci oxunuşda olduğu kimi, indi də mən tamamilə başqa bir sahəyə – ümumiyyətlə, qeyri-dövlət (özəl) mühafizə fəaliyyətinin olmasının zəruriliyinə toxunmaq istəyirəm. Zərurət nədən irəli gəlibdir? Mən buna sırf dövlət maraqlarından yanaşacağam və dövlətin mənafelərini müdafiə eləməyə çalışacağam. Çünki dövlət strukturlarının olduğu bir halda özəl mühafizənin tətbiq olunması bugünkü gün üçün nə qədər zəruridir? Məhz qanunun fəlsəfəsindən yanaşdıqda bu sahədə dövlət mənafelərinə, dövlətin strukturlarına üstünlük vermək lazımdır. Mülkiyyətin forması bəllidir. Dövlət, özəl və bələdiyyə mülkiyyət formaları var. Bu gün aydındır ki, dövlət mülkiyyəti mühafizə olunur, xüsusi mülkiyyətin mühafizəsi ilə də məşğuluq. Yerdə qalır bələdiyyə mülkiyyəti. Sabah, deməli, bələdiyyə də öz mülkiyyətinin mühafizəsi məsələsini ortaya qoyacaqdır və yeni bir struktur yaranacaqdır. Ümumiyyətlə, yaranan hər hansı bir strukturun gələcək fəaliyyəti, inkişafı, onun sosial təminatı məsələsi vacib elementlərdəndir. Hesab edirəm ki, bunları da nəzərdən keçirməliyik.
İndi artıq silah məsələsi layihədən çıxarılıbdır. Lakin digər cəhətlər var. Hər bir mülkiyyətçiyə, hüquqi şəxsə deyil, sadəcə olaraq, bir neçə quruma icazə vermək olar ki, belə bir özəl mühafizə xidməti yaratsınlar və müqavilə əsasında digər strukturlar onlardan istifadə etsinlər. Əslində mən onun tərəfdarıyam ki, dövlətin kifayət qədər strukturları mövcuddur. Özəl mülkiyyət sahibləri və hüquqi şəxslər müqavilə ilə onların xidmətlərindən istifadə edə, mülkiyyətin mühafizəsini təmin edə bilərlər.
Qeyd olundu ki, yeni texnologiyalar tətbiq olunacaq, kompüter quraşdırılacaqdır və sair. Azərbaycanda qanunun tətbiq olunmasında milli psixologiyanın özünün xüsusi elementləri var. Özəl mühafizə xidmətində olanlar sabah onları aparıb evində, bağında saxlayacaqlar. Biz indi qanunda göstərdik. Toya, yasa gedəndə də yanında aparacaq və istifadə edəcəkdir.
Ümummilli liderimiz Heydər Əliyevin təməlini qoyduğu Azərbaycanda qanunsuz silahlı dəstələr o vaxtdan ləğv edilib. Mən belə bir şeyin yenidən fəaliyyətə başlamasının tərəfdarı deyiləm. Mən başa düşürəm, dünya normaları çərçivəsində bu, ola bilsin ki, düzgündür və Avropa standartlarına bəlkə də uyğun gəlir. Lakin bugünkü gün üçün mən hesab edirəm ki, dövlətin mühafizə xidmətlərindən istifadə etmək daha məqsədəuyğundur. Kifayət qədər də hüquq mühafizə orqanları var, savadlı, bacarıqlı, qabiliyyətli, işgüzar insanlar var. Belə olarsa, həm də alınan vəsait dövlətin büdcəsinə gedər və insanların sosial təminatı da yaxşılaşar. Mən bayaq çıxışımda da qeyd elədim, dövlətdən alıb başqa sahələrə xərcləmək yaman çox dəbə düşübdür. Mən dövlətin maraqlarını müdafiə edirəm və bunlar hamısı dövlətin büdcəsinə gəlməlidir. Hansı özəl bir şirkət mühafizə olunmaq istəyirsə, bərabər şərtlər əsasında dövlətin büdcəsinə pul ödəsin, həmin mühafizə xidmətindən istifadə eləsin. Bu da onların gələcəkdə pensiya təminatının həll olunmasına xidmət eləyəcəkdir. Sabah o şirkət, təşkilat, hüquqi şəxs ləğv olunduqda daha fikirləşməyəcək ki, onun taleyi necə olacaqdır. Artıq onun taleyinin həll olunması üçün baza var, çünki bu dövlətlə müqavilə bağlayıb və bu müqavilə əsasında işə götürülüb. Digər tərəfdən, belə götürülür ki, hüquqi şəxslər formalaşıb; biznesmendir, sahibkardır, mülkiyyətçidir, Allah canını sağ eləsin. Bunun dövlətin strukturuna etibarı yoxdur? Özünün strukturu daha etibarlıdır? Onda mən onun səmimiliyinə inanmıram. Deməli, o tamam başqa bir məqsəd üçün bunu yaradıb. Dövlət binalarının mühafizəsi idarəsi var, digər idarələr var. Bu sistemdən biz daha səmərəli şəkildə istifadə etməliyik.
Mən kompleks şəkildə bu məsələnin anlayışı ilə və tətbiqi ilə razılaşmıram. Ona görə də hesab edirəm üçüncü oxunuşa qədər aidiyyəti strukturlarla, qanunvericilik təşəbbüsü ilə çıxış eləyən orqanlarla bir daha məsləhətləşmək gərəkdir ki, belə bir struktur bu gün Azərbaycana lazımdırmı, lazım deyilmi?
Mənim deputat həmkarlarım burada xarici şirkətlərlə bağlı məsələ qaldırdılar. Xarici şirkətlər, məsələn,  “Makdonalds” sabah deyəcək ki, mən də özümünkünü yaradıram, bunu qanuna salın. “BP” də həmçinin. Tamamilə başqa bir sistem yaranacaqdır. Bunların hamısı hökumətin nəzarətində olmalıdır. Mütləq dövlət strukturları ilə, hüquq mühafizə orqanları ilə razılıq əsasında onların tərkibində bir struktur yaratmaq olar. O, silah da gəzdirə bilər, digər vasitələrdən də istifadə eləyə bilər. Onda onun mühafizə sistemi təkmil ola, dünya təcrübəsinə əsaslana bilər. Bu halda onlara müəyyən kursların keçirilməsi də mümkün ola bilər. Bir var ki, təşkilatın əlindədir, bunlara kurslar keçirlər, beynəlxalq təcrübəni öyrədirlər. Bir də var ki, hərə 3 nəfər adam qəbul eləyib və 3 nəfərə uyğun şəkildə sistem yaradıb. Mən hesab edirəm ki, məsələyə bu səpkidə yanaşılmalıdır. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Bu gün iclasımızda milli təhlükəsizlik nazirinin müavini Əli Şəfiyev, Daxili İşlər Nazirliyinin Baş Təşkilati İnspektor İdarəsinin rəisi Fazil Quliyev və Milli Təhlükəsizlik Nazirliyinin Hüquq şöbəsinin müdiri Bəxtiyar Hacıyev iştirak edirlər. Onlar da suallara cavab verəcəklər. Jalə Əliyevanın sualı var. Buyurun.
J. Əliyeva. Çox sağ olun. Oqtay müəllim, sual yox, bir xahişim var. Bayaq cari məsələlər müzakirə edilərkən Xocalı faciəsi ilə əlaqədar təkliflərim var idi, lakin vaxt bitdiyi üçün mən onları səsləndirə bilmədim. İndi ona qayıtmıram, amma, sadəcə olaraq, Sizdən bir xahişim var. Əgər mümkündürsə, yaradılan komissiyanın tərkibinə məni də daxil edin.
Sədrlik edən. Jalə xanım, bu komissiyanın tərkibinə istənilən deputat daxil ola bilər, burada heç bir problem yoxdur. Ülvi Quliyev.
Ü. Quliyev. Təşəkkür edirəm. Cənab Sədr, hörmətli millət vəkilləri! Mən də qanun layihəsi ilə bağlı bəzi fikirlərimi və təkliflərimi demək istərdim. 9.3-cü maddədə mühafizəçiyə münasibətdə irəli sürülən tələblərdə mühafizəçinin özəl mühafizə fəaliyyətinə yararlı olub-olmamasının yoxlanılması üçün işə qəbulla bağlı ilkin tibbi, sonra isə mütəmadi olaraq tibbi müayinədən keçməsi göstərilir. Yenidən bunun 10.2.6-cı maddədə bir daha təkrarlanmasına ehtiyac yoxdur. Təklif var ki, bu ya “Mühafizəçiyə münasibətdə irəli sürülən tələblər”də göstərilsin, ya da “Mühafizəçinin hüquq və vəzifələri”ndə.
Bundan başqa, 9.4.5-ci maddədə yazılır ki, qəsdən cinayət törətməkdə ittiham olunan və ya qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxslər mühafizə fəaliyyəti ilə məşğul ola bilməzlər. Mən istərdim ki, bu ifadə bir az başqa formada verilsin. Nəyə görə? Çünki hətta ağır və xüsusi ağır cinayətlər törətmiş vətəndaşlar var ki, onlar islah olunur, normal ictimai həyata qayıdırlar. Bundan başqa, ola bilər ki, hər hansı bir vətəndaş başqasına bir şillə vursun. Bu, böyük bir ictimai təhlükə törətməyən cinayətdir. Nəyə görə o sonradan özəl mühafizə sistemində çalışa bilməz? Bundan başqa, cinayətə görə məhkumluğun ödənilməsi məsələsi var. Əgər məhkumluq ödənilibsə, artıq onun bu fəaliyyətlə məşğul olmasına qadağa qoyulmalı deyil. Mən elə fikirləşirəm ki, bir balaca burada diskriminasiyaya yol vermiş oluruq. Ona görə təklif eləyərdim ki, maddə 9.4.5 qəsdən ağır və xüsusi ağır cinayətlərə görə məhkum olunmuş və məhkumluğu ödənilməmiş şəxslərə şamil olunardı.
10.2.2-ci maddədə yazılıb ki, fiziki qüvvə və xüsusi vasitənin tətbiq edildiyi hər bir halda mühafizəçi dərhal bu barədə müvafiq icra hakimiyyəti orqanına və prokurorluq orqanına məlumat verməlidir. Bayaq deputat həmkarlarım da bunu dedilər, əgər müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumat verilirsə, prokurorluq orqanına məlumat verməyə ehtiyac yoxdur. Əgər buna ehtiyac yaranarsa, müvafiq icra hakimiyyəti orqanı bu barədə prokurorluğa məlumat verəcək. Eyni fikir 13.5-ci maddədə bir az başqa formada təkrar olunur, həm də ziddiyyət təşkil eləyir. Bu nədən ibarətdir? 10.2.2-ci maddədə deyilir ki, mühafizəçi dərhal bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verir. Amma 13.5-də isə bu barədə müəssisənin rəhbərinə və ya bölmə rəisinə məlumat verilir. Bölmə rəisi də bunun nə dərəcədə qanuna uyğun olub-olmadığı barədə araşdırma aparır, rəy hazırlayır və 3 gün müddətində müvafiq icra hakimiyyəti orqanına məlumat verir. Burada belə bir sual da ortaya çıxır ki, müvafiq icra hakimiyyəti orqanı, bu bölmənin rəisi baş vermiş hadisəyə nə dərəcədə hüquqi qiymət vermək iqtidarındadır? Yaxşı olardı ki, bu maddələr biri-birini təkrarlamasın.
Bundan başqa, 12-ci maddədə mühafizəçilərin xüsusi geyim formasından söhbət gedir. Xüsusi geyim forması hüquq mühafizə orqanlarına, yəni Daxili İşlər Nazirliyinə və Milli Təhlükəsizlik Nazirliyinə aiddir. Özəl mühafizə fəaliyyətində xüsusi geyim formasından danışmaq düzgün deyil. Biz burada ümumi geyim formasından danışa bilərik və yaxşı olardı ki, bu ümumi geyim formasını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirsin, müxtəlif şirkətlər ayrı-ayrılıqda formalar təsis eləməsinlər, yəni ümumi bir forma olsun.
13.3.4-cü maddədə yazılıb ki, həkimə qədərki tibbi yardım. Yaxşı olardı ki, “ilkin tibbi yardım” yazılsın. Ümumiyyətlə, bir çox maddələrdə göstərilir ki, tibbi, ilkin və daimi tibbi yardım keçməklə, vəsiqə və xüsusi vasitələri itirməklə, mühafizəçilərin ümumi say tərkibinin müəyyənləşdirilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanına məlumat verilməlidir. Artıq mülki silah da qanun layihəsindən çıxarılıb. Yaxşı olardı ki, bu maddələr də bir balaca yumşaldılsın. Çünki bu həm də özəl mühafizə fəaliyyətidir, sahibkarlıq fəaliyyətidir. Mən qanun layihəsini dəstəkləyirəm və ona səs verəcəyəm. Digər deputat həmkarlarımı da bu qanun layihəsinə səs verməyə çağırıram. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. İlyas İsmayılov.
İ. İsmayılov. Hörmətli Sədr, hörmətli deputatlar, mətbuat nümayəndələri! Layihənin birinci oxunuşunda konseptual baxımdan çox maraqlı çıxışlar oldu və səmərəli təkliflər irəli sürüldü. Lakin bu layihənin hansı zərurətdən doğulması o qədər də aydın deyil. Bu gün Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri hörmətli Əli müəllimin çıxışından məlum oldu ki, bu qanun layihəsi özəlləşdirmə ilə bağlıdır. Yəni biz mülkiyyəti özəlləşdirib qurtarmışıq, indi istəyirik ki, güc strukturlarının da funksiyalarını özəlləşdirək. Bu bizə lazımdırmı? Axı, bizim Qarabağ problemimiz var, torpaqlarımız işğal altındadır. Bu tələb eləyir ki, qüvvələrimizi səfərbər eləyək.
Digər tərəfdən, yaxın keçmişdən hamımıza bəllidir ki, müəyyən adamların ətrafında olan silahlı dəstələr hansı cinayətləri törədirdilər. Dövlət çevrilişinə cəhdlər, siyasi qətllər olurdu, kriminogen vəziyyət daha da çətinləşirdi. İndi biz təzədən Daxili İşlər Nazirliyinin funksiyasının bir hissəsini ayrı-ayrı adamlara veririk. Fiziki şəxslərlə yanaşı, hüquqi şəxslər də özünə dəstələr düzəltməlidirlər. Bu mənada məndən qabaq çıxış eləyən həmkarımla razıyam. Həm siyasi, həm də iqtisadi baxımdan bu qanun Azərbaycan dövlətinə və xalqına sərfəli deyil, onun maraqlarına uyğun gəlmir. Ona görə hesab edirəm ki, bu qanun qəbul olunmamalıdır.
Qanunun maddələri haqqında bir neçə kəlmə demək istəyirəm. Əli müəllim izah elədi ki, məhkumluğun olması mütləq saxlanmalıdır. Axı, məhkumluğun götürülməsi, ödənilməsi var. Kimin məhkumluğu ödənilmişdisə, onun hüquqlarını məhdudlaşdırmaq olmaz. Ona görə “məhkumluğu olan adamlar” yazılmalıdır. Digər tərəfdən, qanunun 10.2.6-cı maddəsi mütəmadi tibbi müayinədən keçməyi nəzərdə tutur. Qanunda qeyri-müəyyən anlayışlar işlənməməlidir. Dəqiq müəyyən olunmalıdır ki, hansı müddətdən sonra keçməlidir.
11.1.3-cü maddəyə isə mən, ümumiyyətlə, ehtiyac görmürəm. Əvvəla, vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmək Cinayət Məcəlləsinin müvafiq maddəsində nəzərdə tutulub. Bundan əlavə, vəzifədən sui-istifadə, vəzifə səlahiyyətini aşmaq cinayət qanunvericiliyində cəzalandırıcı əməldir.
11.1.4-cü maddə də artıqdır. Ona görə ki, bu təkcə mühafizə fəaliyyətini həyata keçirən şəxslərə deyil, bütün sahələrdə çalışanlara qadağandır.
11.1.5-ci maddədə silahdan istifadə qadağan edilir. Burada aydın deyil ki, mühafizəçilərə, ümumiyyətlə, xidməti silah verilməlidir, yoxsa yox. Sadəcə, ondan istifadə qadağan olunur. Əgər ikinci hal nəzərdə tutulursa, onda bu maddə ayrı cür yazılmalıdır. Məsələn, yazmaq olar ki, müstəsna hallarda silahdan istifadə edilə bilər. 11.1.10, 11.1.14 və 13.12-ci maddələrə də yuxarıda göstərilən səbəblərə görə ehtiyac yoxdur. Hesab edirəm ki, 11-ci maddədə qeyd etdiyim qadağaların göstərilməsinə ehtiyac yoxdur.
Nəhayət, 13.3.1-ci maddədə xüsusi vasitələrlə hüquqpozmalar törədənin şəxsiyyətindən asılı olaraq fiziki qüvvə tətbiq edilməsi göstərilir. Fikrimcə, bu, düzgün hesab edilə bilməz. Burada təqsirkarın şəxsiyyəti deyil, onun törətdiyi əməlin xarakteri nəzərə alınmalıdır. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Nizami Xudiyev.
N. Xudiyev. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən bu qanun layihəsini bu dəfə də diqqətlə oxudum. Bu qanunun qəbul edilməsi çox zəruridir. Biz xarici dövlətlərdə olmuşuq. Demək olar ki, bunların əksəriyyətində, bəlkə də hamısında belə mühafizə fəaliyyəti göstərən orqan mövcuddur. Biz də müstəqil dövlət olduğumuza görə, təbii ki, buna oxşar qanun qəbul olunmalıdır.
Əli müəllimin çıxışını çox ətraflı dinlədim. O, düzgün olaraq keçən dəfə burada söylədiyimiz fikirlərin nəzərə alındığını qeyd elədi. Tamamilə doğrudur və mən ona diqqətlə qulaq asdım. Buraya “yeni geyim paltarı ilə başqa yerə getmək olmaz” maddəsinin əlavə olunması tamamilə düzgündür. Əgər o, mühafizə olunan obyektə, ya da fiziki şəxsə aiddirsə, onun da yanında, ətrafında olmalıdır. Bu paltarı geyinib istənilən yerə getmək doğru deyil.
Sonra, burada göstərilir ki, xarici hüquqi şəxslərin mühafizə xidməti yaratmasına icazə verilmir. Bu da tamamilə doğrudur. Heç bizim özümüz üçün xaricdə belə bir orqan yaratmağımız düzgün hesab oluna bilməz.
Burada mənə bir məsələ dəqiq aydın olmadı. Yazılıb ki, məhkumluğu götürülmüş şəxslər mühafizə orqanlarında işə qəbul oluna bilərlər. Bu tamamilə qanunauyğun bir şeydir. Xarici dövlətlərdə məhkumluğu götürülmüş bir şəxs mühüm bir post tuta, hətta prezident belə ola bilir. Məhkumluğu üstündən götürülmüş bu adam mühafizəçi işləyə bilər, çünki artıq o cəzasını çəkib və vətəndaş kimi hüquqları bərpa olunub.
Qanunun birinci maddəsində göstərilir ki, Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu özəl mühafizə fəaliyyətinin həyata keçirilməsi zamanı yaranan münasibətləri tənzimləyəcək, onun hüquqi əsaslarını, prinsip və vəzifələrini, habelə özəl mühafizə fəaliyyəti subyektlərinin dövlət orqanları ilə qarşılıqlı münasibətlərini müəyyən edəcəkdir. Mən layihə ilə əlaqədar bəzi qeydlərimi bildirmək istəyirəm. “Özəl mühafizə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar göstərilən mühafizə xidmətlərinin növləri” adlanan 5-ci maddənin 1-ci bəndinin birinci hissəsi “mühafizə olunan obyektlərin qorunması”nı nəzərdə tutur. Onlar isə mühafizə xidmətinin növlərinə deyil, həyata keçirəcəyi funksiyaya aiddir. Məsələn, burada belə gedir: “Mühafizə olunan obyektlərdə buraxılış və obyektdaxili rejimlərin təmin edilməsi”, “Hüquqa zidd qəsdlərdən mühafizə məsələləri ilə bağlı fiziki və hüquqi şəxslərə tövsiyələrin hazırlanması”. Bütün bunlar mühafizə xidmətinin növlərinə yox, funksiyalarına, hüquq və vəzifələrinə aiddir. Təklif edirəm ki, 5-ci maddənin birinci və ikinci hissəsindən başqa qalan hissələr buradan çıxarılaraq müvafiq maddələrə əlavə olunsun. Mühafizə xidmətinin növlərində yalnız mühafizə olunan obyektlərin qorunması nəzərdə tutulsun. Adı da belədir. Belə çıxır ki, bu xidmət yalnız binaları qorumaq üçündür. Hesab edirəm ki, buraya fiziki şəxslərin qorunmasını da əks etdirən bir bənd əlavə olunmalıdır. Çünki vətəndaş özünün mühafizəsinə ehtiyac duyursa, özəl mühafizə xidməti müqavilə əsasında onun da mühafizəsini həyata keçirməlidir.
9-cu maddədə mühafizəçiyə münasibətdə irəli sürülən tələblər sadalanır. Mühafizəçi olmaq üçün 21 yaşın tamam olması tələb olunur. Bu tələb nəyə əsaslanır? Bəlkə vətəndaş mühafizəçilər üçün xüsusi hazırlıq kursunu daha tez bitirib, hərbi xidmətdə də olub. Nəyə görə o, 21 yaşının tamam olmasını gözləməlidir? 20 yaşında da vətəndaş mühafizəçi işləməyə hazır ola bilər. Təklif edirəm ki, bu limit 20-yə salınsın.
11.1.5-ci maddədə özəl mühafizə fəaliyyətini həyata keçirərkən xidməti və ya mülki silahdan istifadə etmək qadağan olunur. Biz bunu keçən dəfə dedik, nəzərə alınıb. Əvvəlki variantda yazılmışdı ki, hətta ov tüfəngindən də istifadə edə bilər. İndi bunu yığışdırıblar, mülki silah, təbii ki, qanunauyğun şəkildə saxlanılıb. Mən başa düşə bilmirəm, bu necə mühafizəçidir ki, buna xidməti silahdan istifadə etmək qadağan olunur. Onda belə çıxır ki, qanunla tanış olan cinayətkar mühafizəçini çox asanlıqla təsirsiz vəziyyətə sala bilər. Çünki o biləcək ki, mühafizəçinin üstündəki silah, sadəcə, görüntü yaratmaq üçündür, heç nəyə yaramır. Hesab edirəm ki, bu məsələ əlavə edilməlidir. Əks halda, biz çox zəif təəssürat yaratmış olacağıq. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Baba Tağıyev.
B. Tağıyev. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Müzakirə olunan yeni qanun layihəsi ilə bağlı bildirmək istəyirəm ki, bazar iqtisadiyyatının inkişafında özəl sektorun xüsusi rolu vardır. Bu baxımdan da qanunun müzakirəyə çıxarılması təqdirəlayiqdir. Lakin mən bir neçə məqamı burada qeyd etmək istərdim. Belə ki, əgər yeni yaranan özəl mühafizə müəssisəsi qanunvericiliyə müvafiq olaraq hüquqi şəxs kimi fəaliyyət göstərəcəksə, deməli, o öz nizamnaməsində qüvvədə olan qanunvericiliklə qadağan olunmayan digər sahibkarlıq fəaliyyətlərini göstərə və bununla məşğul ola bilər. Belə hal artıq Azərbaycanda geniş yayılmışdır. Bəlkə də qeydiyyatdan keçən bütün hüquqi şəxslərin nizamnamələrində müxtəlif fəaliyyət növləri sadalanmışdır. Bu qanunla onun məhdudlaşdırılması bu tip hüquqi şəxslərə çətinlik yarada bilər.
Bundan əlavə, 23 aprel 2002-ci il tarixli “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələsi haqqında” Azərbaycan Respublikası Qanununun və bu qanunla təsdiq edilmiş “Azərbaycan Respublikası Mülki Məcəlləsi”nin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə “Müəssisələr haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin qərarı qüvvədən düşmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin qüvvəyə minməsi ilə əlaqədar sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər cəmiyyət formasında yaradılır. Buna görə də təklif edirəm ki, qanunun 7.2-ci maddəsinə bir daha baxılsın və “müəssisə” sözü “cəmiyyət” sözü ilə əvəz olunsun.
Hörmətli millət vəkilləri, Xocalı soyqırımı ilə əlaqədar Türkiyə Böyük Millət Məclisində müzakirələr başlanmışdır. Bu da ulu öndərimizin “bir millət, iki dövlət” prinsipinin bir daha ortaya necə qoyulduğunu göstərir. Bir millət olaraq Türkiyədə Qarabağ faciəsinin müzakirəyə çıxarılması bizi sevindirməlidir. Amma biz bir çox hallarda Qarabağ məsələsinin həllində digər türk dövlətlərindən dəstək umduğumuz halda, özümüzün üzərinə düşən məsələləri yadımızdan çıxarırıq.
Bu gün Şimali İraqda türklərin hüquqları tapdanır. Onların tarixi hüquqlarının başqalarına verilməsi istiqamətində cəhdlər olunur. Bu məsələ mütləq bizim parlamentdə müzakirəyə çıxarılmalıdır. Bu məsələ bir neçə dəfə deyilib, amma bu günə qədər heç kim bunu müzakirəyə çıxarmayıb. Bəzi yoldaşlar deyirlər ki, 1988–1989-cu illərdə kimlərsə heç nə edə bilmədilər. Amma gəlin yaddan çıxarmayaq, 5-10 il sonra bizi də ittiham edə bilərlər. Ona görə bu gün lazımi addımları atmalıyıq. İttiham eləmək asandır. Bu gün İraqda baş verən hadisələr Azərbaycanla, Qarabağla, Türkiyə ilə birbaşa əlaqəlidir.
Mən bir daha sizin yadınıza 1988–1989-cu illəri salıram. Ulu öndərimiz Heydər Əliyev Qorbaçovun əli ilə siyasi sahədən uzaqlaşdırıldıqdan sonra Ermənistandan azərbaycanlıları qaçqın saldılar. O qaçqınların adı ilə Sumqayıt hadisələrini törətdilər. Ermənilər də bundan istifadə edərək Qarabağı işğal etdilər. Bu gün də İraqdakı türkləri qaçqın salmaqla Türkiyədə, Azərbaycanda qarışıqlıq salmaq istəyirlər. Bildiyimiz kimi, İraq türklərinin yarısı sünnü, yarısı şiədir. Oradan insanları qaçqın salmaqla Azərbaycanda və Türkiyədə qarışıqlıq salmaq niyyətində olan qüvvələrə qarşı biz bu gün lazımi addım atmalıyıq. İraq məsələsi, İraqda yaşayan türklərin hüquqlarının müdafiəsi məsələsi bu parlamentdə müzakirə olunmalıdır. Əks təqdirdə 5-10 ildən sonra bizi də qınayacaqlar.
Sədrlik edən. Sağ olun. Valeh Ələsgərov.
V. Ələsgərov. Burada səslənən bəzi çıxışlarla bağlı bir-iki cümlə demək istəyirəm. Tez-tez gah İrandakı soydaşlarımızdan, gah da İraqdakı vəziyyətdən danışırlar. Narahat olan adam əlinə nəsə götürüb oradakı soydaşlarımızı qoruya, maddi cəhətdən kömək də eləyə bilər və sair. Öz dərdimiz, azarımız qurtarıb? Böyük bir dövlət olmuşuq ki, gedib İraqda kimlərisə barışdıraq? O dediyin türkmənlər 47 partiya və hərəkata bölünüblər. Onlar biri-biri ilə dil tapa bilmirlərsə, Baba müəllim, Siz gedib orada neyləyəcəksiniz? İşimiz-gücümüz qurtarıb? Dövlət var, Xarici İşlər Nazirliyi var, dövlətin xarici siyasəti var, soydaşlarımızla, qardaşlarımızla əlaqədar lazım olan tədbirlər görülür. Aranı qızışdırmaq lazım deyil. Qurban olum, min dənə problemimiz var, gəlin, onları həll eləyək. Dəqiqə başı gah İranı, gah da Rusiyanı qıcıqlandırırıq. Sonra da məəttəl qalırıq ki, onlar niyə erməniləri dəstəkləyir?
Bir problemi də qeyd eləyim. Çox üzr istəyirəm, dönə-dönə deyirdilər ki, Rusiyadan yüz minlərlə insan qaçıb gələcək. Kim qaçıb gələcək, niyə gələcək? Hamı işi ilə məşğuldur, bir parça çörəyini qazanır. Kiminləsə aranı qatmaq, kiminləsə aranı vurmaq istəyirik. Öz evimizdəki işləri görək, sonra başqasının evinə kömək eləyək. Çox üzr istəyirəm, bir balaca mətləbdən kənara çıxdım.
Mənim də qanun layihəsi ilə əlaqədar bəzi fikirlərim var. Biz dəstəkləsək də, dəstəkləməsək də, bu fəaliyyət bu gün Azərbaycanda var, minlərlə insan bu işlə məşğuldur. Ona görə də bu fəaliyyəti qanun çərçivəsinə salmağa bir ehtiyac var. Gözümüzü yumub, özümüzü haradasa gizlədib desək ki, lazım deyil, düzgün olmaz. Bu fəaliyyət var və bu, inkişaf edəcək. Ona görə də bu fəaliyyəti qanun çərçivəsinə salmaq çox düzgün və zamanında atılan bir addımdır. Əgər biz bunların hamısını dövlətin boynuna qoysaq, dövlət bunu çatdıra bilməyəcək.
“Makdermot” şirkətində 150-200 nəfər bu fəaliyyətlə məşğuldur. Sabah fəaliyyətini dayandırsa, 200 adam kimin boynunda qalacaq? Şirkətdir, yaradır, gedir. Amma bu, qanun çərçivəsində olanda, rəsmi maaş verəndə vergi, sosial sığorta və pensiya verməlidir. Bu gün onların hamısı bundan yayınırlar. Amma qanun olanda məcbur olacaq ki, vergisini də versin, sığortasını da eləsin. Həm də, dövlət buna nəzarət edəcək. Dövlət bunu özbaşına buraxmır ki? Fəaliyyət göstərmək üçün gərək lisenziya alasan. Lisenziyanı da, yəqin ki, Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyi verəcək. Yəqin ki, bunları başlı-başına buraxmayacaqlar. Lisenziya verəndə onların fəaliyyətinə nəzarət edəcəklər, lazım olanda kömək edəcəklər. Bu fəaliyyət qanun çərçivəsində aparılacaq və dövlətin nəzarətindən kənarda qalmayacaqdır. Ona görə də gəlin, qanun layihəsinə düzgün yanaşaq və bunu dəstəkləyək.
Müasir Azərbaycan ədəbi dili baxımından qanunda çox böyük dəyişikliklər aparılıb. Ancaq bəzi redaktə xarakterli dəyişikliklər yenə də lazımdır. Onu Əli müəllim eşidib, yəqin ki, düzəliş verər. Mənim təklifim ondan ibarətdir ki, gəlin, qanun layihəsinə səs verək. İmkan verək ki, layihədə lazım olan əlavə və dəyişikliklər aparılsın və üçüncü oxunuşa çıxarılsın. Sağ olun, minnətdaram.
Sədrlik edən. Sağ olun. Çıxış etmək üçün təkid eləyən varmı? Əli müəllim burada səslənən suallara cavab versin, sonra səsə qoyaq. Buyurun.
Ə. Hüseynov. Çox sağ olun, cənab Sədr. Mən Valeh müəllimə təşəkkür edirəm ki, bu qanunun zəruriliyi ilə bağlı bizim fikirlərimizi müdafiə etdi. Əslində biz bu məsələni birinci oxunuşda həll etmişdik. Qısaca nəyi demək istəyirəm? Həqiqətən də, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanuna əsasən qanunvericiliklə qadağan olunmayan xidmətlə, o cümlədən mühafizə xidməti göstərilməsi ilə məşğul olmaq olar. Bütün dünyada belədir. Azərbaycanda da hazırda 30-a yaxın şirkət fəaliyyət göstərir. Amma təhlükəsizlik xidmətinin göstərilməsi spesifik bir sahibkarlıq fəaliyyəti olduğuna görə bu, təbii ki, qanunla tənzimlənməlidir. Çünki tənzimləmə olmayanda bizim burada qaldırdığımız o xoşagəlməz hadisələr baş verir. Yəni kimsə xüsusi bir formada hüquq mühafizə orqanını əvəz eləmək istəyir, bu xidmətdə kriminal elementlərdən istifadə olunur. Ancaq təhlükəsizlik xidməti göstərilməsi sahibkarlıq fəaliyyətinin xüsusi bir növü olduğuna görə bu qanunla tənzimlənməlidir.
Cənab Prezident tərəfindən bu qanunun təqdim olunmasında yeganə məqsəd mühafizə xidmətlərini tənzimləyən normativ-hüquqi bazanı yaratmaq və dövlətin nəzarət mexanizmini müəyyənləşdirməkdir. Amma eyni zamanda, hörmətli həmkarlarım, mən qeydlər aparmışam və onu deyə bilərəm ki, indiyə qədər zərurətlə bağlı fikirlərlə razı deyiləm. Yeri gəlmişkən, biz burada dövlət orqanını müdafiə eləyirik, amma sual vermirik ki, dövlət orqanları bu qədər yükü dartmaq iqtidarındadırmı və onlar özləri bunu etmək istəyirlərmi? Əlbəttə, yox. Bu qanunvericilik təşəbbüsündə dövlət orqanlarının özlərinin də marağı var. Çünki bu gün hüquqi şəxsləri inkişaf edən iqtisadi bir ölkədə 10 minlərlə hüquqi şəxsi mühafizə eləməyi dövlətin üzərinə qoymaq mümkün deyil və onlar heç bu iqtidarda da deyillər. Amma, təbii ki, dövlətin mühafizə fəaliyyəti mövcuddur, var. Orada xidməti silahdan istifadə olunur. İstənilən hüquqi şəxs, o cümlədən fiziki şəxs belə bir təhlükəni görürsə, onda dövlət orqanından istifadə eləyə bilər. Mən onu da deyə bilərəm ki, son dövrlər Daxili İşlər Nazirliyinin nəzdində olan bu qurumda peşəkarlıq günü-gündən artır. Onların maddi-texniki təminatı da artır. Burada bir seçim olmalıdır. Amma biz bu fəaliyyət növünə sırf sahibkarlıq növü kimi yanaşmalıyıq.
Sadəcə, mən niyə iradlarla razıyam? Çünki faktiki olaraq buradan mülki silah anlayışının çıxarılması bütövlükdə qanunun ruhunu dəyişdirib. Bu baxımdan Tahir müəllimin, Fazil müəllimin, Ülvi müəllimin, İlyas müəllimin və digər millət vəkillərinin iradları ilə razıyam. Ona görə ki, o mülki silah artıq bura bir yeniləşmə gətirib. Misal üçün, həqiqətən də, burada xüsusi bir geyim formasına ehtiyac yoxdur, çünki bu ancaq dövlət orqanlarında olmalıdır. Ona görə mən millət vəkillərinə təşəkkür edirəm.
Hesab edirəm ki, elə məhz dövlət orqanlarının təşəbbüsü ilə meydana çıxan və cənab Prezident tərəfindən təqdim olunan bu qanun layihəsini qəbul etmək lazımdır. Çıxış etmək imkanı olmayan millət vəkillərindən təkliflərini yazılı şəkildə təqdim etməyi də xahiş edirəm. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Bildiyiniz kimi, qanun layihəsi 21 maddədən ibarətdir. Təklif edirəm, maddələr üzrə qruplaşdıraq, beş-beş səsə qoyaq. Etiraz yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, 1-5-ci maddələrə münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 16.40 dəq.)
Lehinə 86
Əleyhinə 7
Bitərəf 3
Səs vermədi 0 
İştirak edir 96
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun.
Xahiş edirəm, 6-10-cü maddələrə münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 16.40 dəq.)
Lehinə 85
Əleyhinə 5
Bitərəf 3
Səs vermədi 0 
İştirak edir 93
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
11-15-ci maddələrə, xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 16.41 dəq.)
Lehinə 85
Əleyhinə 6
Bitərəf 2
Səs vermədi 1 
İştirak edir 94
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, 16-21-ci maddələrə münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 16.41 dəq.)
Lehinə 90
Əleyhinə 6
Bitərəf 3
Səs vermədi 0 
İştirak edir 99
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Qanun layihəsini ikinci oxunuşda bütövlükdə səsə qoyuram. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 16.42 dəq.)
Lehinə 89
Əleyhinə 6
Bitərəf 3
Səs vermədi 0 
İştirak edir 98
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələmiz Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədədir. Qanun layihəsinin ikinci oxunuşudur. Bu məsələyə İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu məsələləri, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyalarında baxılıb. İnsan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova yoxdur. Əli Hüseynov, buyurun.
Ə. Hüseynov. Çox sağ olun. Cənab Sədr, Rəbiyyət xanım üzürlü səbəbdən iclasda iştirak etmədiyinə görə icazə versəniz, mən məruzə edərdim. Bildiyiniz kimi, bu qanun layihəsi birinci oxunuşda qəbul olunmuşdur. Belə ki, Azərbaycanın da qoşulduğu Vyana Konvensiyasının 5-ci maddəsinə müvafiq olaraq bu əsasnamə tərtib olunub və cənab Prezident öz qanunvericilik təşəbbüsü hüququndan istifadə edərək Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydaları haqqında Əsasnaməni parlamentə təqdim etmişdir.
Bu layihə, ilk növbədə, xarici ölkədə pasportunu itirmiş, pasportu oğurlanmış və ya yararsız hala düşmüş, pasportunun etibarlılıq müddəti bitmiş Azərbaycan Respublikası vətəndaşlarının ölkəyə qayıtmaq hüququnun qayıdış şəhadətnaməsi ilə həyata keçirilməsini özündə ehtiva edir. Belə hallar olur və burada bir boşluq mövcuddur. Qanun layihəsi bu problemin həllinə yönəlmişdir. Qanun layihəsinin birinci oxunuşu zamanı çoxlu sayda təkliflər və iradlar olmuşdu. Yadınızdadırsa, hörmətli Rəbiyyət xanım bu məsələlərə məsul olan Xarici İşlər Nazirliyinin, Konsulluq idarəsinin də mövqeyini nəzərinizə çatdırmışdı. Bu məsələlərin praktiki həllində müəyyən boşluqlar mövcuddur və bildiyiniz kimi, qanun layihəsi ilə bağlı xarici işlər nazirinin müavininin parlamentə ünvanlanmış bir məktubu da var idi.
Beləliklə, hörmətli həmkarlarım, həm parlamentdə millət vəkillərinin səsləndirdiyi fikirlər, həm də Xarici İşlər Nazirliyi tərəfindən göndərilmiş məktubun müddəaları hərtərəfli araşdırılmış və sizə birinci oxunuşdan kifayət qədər fərqlənən bir qanun layihəsi təqdim olunmuşdur. İstərdim ki, bu əlavələri sizin diqqətinizə çatdırım. Beləliklə, layihənin 1-ci maddəsində Azərbaycan Respublikası vətəndaşları ilə yanaşı, “onunla birgə Azərbaycan Respublikasına qayıdan, 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşının, habelə Azərbaycan Respublikasında qanuni əsaslarla daimi yaşayan, vətəndaşlığı olmayan şəxsin və onunla birgə Azərbaycan Respublikasına qayıdan, 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış Azərbaycan Respublikasında daimi yaşayan uşaq” sözləri də əlavə olunmuşdur.
2-ci maddədə pasport siyahısına “Azərbaycan Respublikasının ümumvətəndaş, xidməti, diplomatik pasportu, dənizçi pasportu” ilə yanaşı, “Azərbaycan Respublikasının hüdudlarından kənara getməsi üçün Azərbaycan Respublikasında daimi yaşayan, vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi” də əlavə olunmuşdur. Bu bir boşluq idi, Xarici İşlər Nazirliyinin məktubunda da var idi. Bunu əlavə etmişik.
3-cü maddədə qeyd olunurdu ki, şəhadətnamə Azərbaycan vətəndaşının şəxsiyyətini təsdiq edən müvəqqəti xarakterli rəsmi sənəddir. Artıq buraya “Azərbaycan Respublikasında qanuni əsaslarla daimi yaşayan, vətəndaşlığı olmayan şəxs”lər də əlavə olunmuşdur.
Birinci oxunuşdakı variantdan fərqli olaraq, Əsasnaməyə əlavə olunmuş nümunələrin sayı iki deyil, artıq dörddür. O sizə təqdim olunmuş variantda göstərilib. Bunlardan biri Azərbaycanda daimi yaşayan, vətəndaşlığı olmayan şəxs üçün qayıdış şəhadətnaməsidir, digəri isə Azərbaycanda daimi yaşayan, vətəndaşlığı olmayan şəxsə qayıdış şəhadətnaməsinin verilməsi haqqında ərizə-anketin formasıdır. 7-ci maddədə şəhadətnamənin verilməsi haqqında ərizə-anket əlavə edilən sənədlərin siyahısından pasportun itirilməsi və ya oğurlanması barədə xarici ölkənin səlahiyyətli dövlət orqanına müraciət olunmasını təsdiq edən sənədlə bağlı bənd bütövlükdə çıxarılmışdır. Vətəndaşlarımızın bununla əlaqədar hansı çətinliklərlə üzləşə biləcəkləri məlumdur və buna görə də həmin bənd buradan çıxarılmışdır.
Layihənin əvvəlki variantında göstərilirdi ki, üzərində fotoşəkil olan aşağıdakı sənədlərdən biri – ya hərbi bilet, ya da sürücülük vəsiqəsi əlavə edilməlidir. İşçi qrupunda belə razılığa gəlinmişdir ki, Azərbaycan Respublikası tərəfindən verilmiş hərbi bilet və Azərbaycan Respublikası tərəfindən verilmiş sürücülük vəsiqəsi nəzərdə tutulsun. Xarici ölkəyə giriş vizası layihədən çıxarılmışdır.
Layihənin 7.4-cü maddəsində “və ya şəxsiyyət vəsiqəsi” sözləri əlavə olunur. 7-ci maddəyə yeni 5-ci və 6-cı bəndlər əlavə edilmişdir.
Birinci oxunuşdan fərqli olaraq, 10-cu maddəyə redaktə xarakterli düzəlişlər edilmişdir. Artıq 10-cu maddənin məzmunu belədir: “Azərbaycan Respublikası vətəndaşının və ya Azərbaycan Respublikasında daimi yaşayan, vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən müvafiq sənədlər mövcud olmadıqda, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu onun özü barəsində təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı vasitəsilə, istisna hallarda isə birbaşa Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına sorğu göndərir”.
Layihənin 11-ci maddəsində qeyd olunur ki, müvafiq icra hakimiyyəti orqanı qısa müddət ərzində – 3 iş günü müddətində sorğunun icraatı ilə bağlı yoxlama aparır və əldə olunmuş nəticələr barədə diplomatik nümayəndəyə və ya konsulluğa bildirir. Bu müddəti də biz müəyyənləşdirmişik. 3 gün ərzində operativ məlumat verilməlidir. Əvvəlki variantda bu müddət 7 gün idi və əgər sənəd itibsə, bunu operativ araşdırıb aydınlaşdırmaq lazımdırsa, onda 7 gün çox uzun müddətdir. Buna görə müddət qısaldılmışdır.
Layihənin 13-cü maddəsi yeni redaksiyada verilmişdir. Nəhayət, layihənin 15-ci maddəsində “10 gün müddəti” sözləri “20 gün müddəti” ilə əvəz edilmişdir ki, bu da Xarici İşlər Nazirliyinin təkliflərindən biri idi.
Hörmətli həmkarlarım, gördüyünüz kimi, həm sizlərin, həm də Xarici İşlər Nazirliyinin çoxlu sayda təklifləri və iradları əsasında ikinci oxunuşa çox mükəmməl bir sənəd təqdim olunmuşdur. Əsas məqsədimiz ondan ibarətdir ki, belə hallar meydana çıxarsa, yəni xaricdə olan vətəndaş sənədini itirərsə, bu hal operativ surətdə həll edilsin. Nəticə etibarı ilə vətəndaşımıza yardım eləməkdən ötrü mükəmməl bir mexanizmi nəzərdə tutan Əsasnamə sizə təqdim olunmuşdur. Odur ki, sizdən bu qanuna səs verməyinizi xahiş edirəm. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Bu, ikinci oxunuş olduğu üçün biz qanun layihəsini əsas kimi qəbul eləməliyik. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 16.50 dəq.)
Lehinə 89
Əleyhinə 1
Bitərəf 1
Səs vermədi 0 
İştirak edir 91
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun. Qanun layihəsinin müzakirəsinə başlayırıq. Fazil Mustafayev.
F. Mustafayev. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən prinsipcə bu layihənin normal və vacib bir sənəd olduğunu qəbul edirəm və ona səs verəcəyəm. Amma iki iradım var. Birinci iradım 16-cı maddə ilə bağlıdır. 16-cı maddədə göstərilir ki, 18 yaşına çatmış şəxs barəsində, başdan oxumuram, bilərəkdən yanlış məlumat verilərsə, ona şəhadətnamə verilməsindən imtina olunur. Bununla bağlı müəyyən edilmiş qaydada məhkəməyə şikayət edilə bilər. Ümumiyyətlə, vətəndaşa qayıdış şəhadətnaməsi verilməsindən imtina etmək bu qanunun prinsipinə ziddir. Hətta yalan məlumat verə bilər. Kimsə, üzr istəyirəm, Dubaya gedibsə, o, məlumat verəcək ki, mən turist səfərinə getmişəm. Deməyəcək ki, ticarət məqsədi ilə, yaxud da başqa bir gizli məqsədlə gedib. Onu açıq şəkildə deməyə vətəndaş çəkinə bilər. Əsas məqsəd odur ki, vətəndaşı ölkəyə qaytarasan və o öz ölkəsində şikayət eləsin. Əgər bunun sənədi yoxdursa, Türkiyədə hara şikayət eləyəcəkdir? Hara müraciət eləyəcəkdir ki, onun hüququ bərpa olunsun? Məhkəmə var ki, iki il, üç il çəkir. O baxımdan mən hesab edirəm ki, burada bir məntiqsizlik var və buna düzəliş edilməlidir. Hansı halın olmasından asılı olmayaraq bizim nümayəndəliklər, konsulluqlar vətəndaşı qayıdış şəhadətnaməsi ilə təmin etməlidirlər ki, onların sonra öz ölkəsində məhkəməyə müraciət etməsi məsələsi mümkün olsun. Ona görə də mən bu maddəyə düzəliş edilməsini vacib sayıram.
İkinci, bu Əsasnamədə “İnsan alverinə qarşı mübarizə haqqında” Qanunun müddəaları nəzərə alınmayıbdır. Qeyd olunmalıdır ki, həmin qanunda göstərilən qaydada müraciət edən şəxs özünün insan alverinin qurbanı olması haqqında məlumat verdikdə, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi “İnsan alverinə qarşı mübarizə haqqında” Qanuna müvafiq olaraq fəaliyyət göstərməlidir. Şəxsi müvafiq sənədlərlə təmin etməklə yanaşı, onun vətənə dönməsi üçün zəruri tədbirlər görməlidir. Bu olduqca vacibdir, çünki sonra bu qanunun müddəalarına indi qəbul elədiyimiz qanun zidd gələcəkdir. Yəni vətəndaşa tam şərait yaradılmalı, onun ölkəyə gəlməsi təmin edilməlidir. Bu da əvvəl qeyd etdiyim bəndlə üst-üstə düşür. Ona görə də xahiş edirəm, bu müddəalar nəzərə alınsın ki, daha mükəmməl qanun qəbul etmiş olaq. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Sabir Rüstəmxanlı.
S. Rüstəmxanlı. Mən hesab edirəm ki, xaricdə yaşayan azərbaycanlıların problemlərinin həlli istiqamətində müəyyən işlər görülməlidir və işin bir sahəsini nizamlamaq istiqamətində bu əsasnamənin qəbul olunması zəruridir, vacibdir. Ölkədə bu sahədə müəyyən işlər görülüb. Təsadüfi deyil ki, bu yaxınlarda Rusiyada yaşayan vətəndaşlarımızın problemlərinin həlli ilə bağlı xüsusi komissiya yaradılıb və o da, yəqin ki, bu problemlər üzə çıxdıqca onun həlli yollarını axtaracaq. Amma bu sahədə bizim Milli Məclisin üzərinə daha geniş vəzifələr düşür. Təkcə pasportunu və sənədlərini itirmiş, sənəd almaq məqsədi ilə müraciət eləyənlərlə bağlı deyil, ümumiyyətlə, Azərbaycandan kənarda yaşayan insanların vətəndaşlıq hüquqlarının qorunması ilə, ikili vətəndaşlıqla və miqrasiya işinin tənzimlənməsi ilə bağlı çox işlər görülməlidir. Ölkəyə gələn və ölkədən gedənlərin qeydiyyat məsələsi, onların daimi hərəkətinin nəzarətdə saxlanması ilə bağlı görüləsi vacib işlər çoxdur. Bu da o sahədə görüləsi işlərdən biridir.
Əslində, “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Qanunda müəyyən dəyişikliklər eləməklə bu işi tənzimləmək olardı. Bir maddə ilə bu tənzimlənə bilərdi. Amma xüsusi əsasnamə hazırlanıb. Güman edirəm ki, bu əsasnamənin özündə də işi asanlaşdırmaq üçün bəzi təkmilləşdirmələr aparmaq lazımdır. Məsələn, burada deyilir ki, xaricdə pasportunu itirmiş vətəndaşlarımız bizim səfirliklərə və konsulluqlara müraciət etməlidirlər. Deyək ki, azərbaycanlı yaşayıb Dağıstanda və yaxud da uzaq Şərqdə. Azərbaycanın konsulluğu, məncə, Sankt-Peterburqdadır, Moskvada da səfirliyimiz var. Rusiyanın başqa böyük şəhərlərində bunlar hələlik yoxdur. Yəqin ki, gələcəkdə bunların sayı artacaqdır. İndi Dağıstanda yaşayan insan gərək gedib Moskvadakı səfirliyə müraciət eləsin, qeydiyyat şəhadətnaməsi alsın və sonra Bakıya gəlsin.
Ümumiyyətlə, güman edirəm ki, pasportların yalnız Azərbaycanda verilməsi və yalnız polis orqanları tərəfindən verilməsi də doğru deyil. Bir sıra xarici ölkələrin təcrübəsindən çıxış edib vətəndaşlara pasport vermək hüququnu biz həm də xarici ölkələrdəki səfirliklərimizə verməliyik. Nəyə görə o, şəhadətnaməni alıb, Bakıya gəlməlidir və burada pasport alıb, qayıtmalıdır? Bu işi səfirliklər və konsulluqlar da görə bilər. Dünyanın bir sıra ölkələrində bu təcrübə var. Nəzərə alın ki, 2006-cı ildə Rusiyadan Azərbaycana 25 min nəfər xüsusi qeydiyyat vərəqi ilə gəlib. Bunun qeydiyyatı aparılır. Görün bu insanlar yollarda nə qədər pul xərcləyirlər. Hələ burada pasport alanda da, yəqin ki, müəyyən problemlər ortaya çıxır. Mən hesab edirəm ki, bu sahədə hələ çox iş görməliyik. Xüsusən Rusiya məkanında vətəndaşlarımızın böyük genişlikdə hərəkət imkanlarını, Azərbaycanla əlaqələrini asanlaşdırmaq üçün həm konsulluqların, həm də səfirliklərin səlahiyyətini artırmalıyıq. Təşəkkür edirəm.
Sədrlik edən. Azay Quliyev.
A. Quliyev. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bütövlükdə keçən iclasımızda edilən dəyişiklikləri müsbət hesab edirəm. Hörmətli Əli müəllim də təqdim etdi, bir sıra həmkarlarımızın fikirləri də həm komissiyada, həm də iclasda dinlənildi.
Amma mənim çıxış etməkdə məqsədim başqadır. Bu da ondan ibarətdir ki, vətəndaşın milliyyət qrafası sənədləri birində göstərilir, digərində göstərilmir. Bununla bağlı mən iclasların birində də məsələ qaldırmışdım və Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə də müraciət etmişdim, sorğu göndərmişdim. Verilən cavab ondan ibarət idi ki, qanunda boşluq var.
Həqiqətən də, vətəndaşlar övladlarının doğum haqqında şəhadətnaməsini alan zaman belə bir problemlə üzləşirlər. Hətta həmin o qrafada “milliyyət” sözünün yerinə “yox” sözü yazılır, defis işarəsi qoyulur, yaxud da digər millətlərin, qurumların milli təyinatı, milli kimliyi göstərilir. Mənə elə gəlir ki, bu məsələyə qanunvericilik səviyyəsində aydınlıq gətirilməlidir. Ya ümumiyyətlə, bu qrafa götürülməlidir, nə şəhadətnamədə, nə pasportda, nə də digər göstəricilərdə olmalıdır, ya da hamısında yazılmalıdır.
Doğrudan da, müəyyən çaşqınlıq yaranır və mənə elə gəlir ki, bizim hörmətli ekspertlərimiz bu məsələ ilə bağlı müəyyən araşdırma aparsalar, bunu görəcəklər. Ona görə, hörmətli Oqtay müəllim, mən düşünürəm ki, fürsətdən istifadə edib göstəriş verəsiniz ki, bu məsələni müvafiq komissiya araşdırsın, “milliyyət” qrafasına aydınlıq gətirilsin. Mənim şəxsi fikrim ondan ibarətdir ki, hər bir şəxsin, hər bir vətəndaşın milli mənsubiyyəti göstərilməlidir. Təşəkkür edirəm.
Sədrlik edən. Valeh müəllim, buyurun.
V. Ələsgərov. Əli müəllimdən bir xahişim var. Başqa qanunvericilik aktlarımızda olduğu kimi, burada da, mümkünsə, bəzi sözləri Azərbaycan sözləri ilə əvəz etsin. Pasportumuz müvəqqəti xarakterli deyil. Burada yazırsınız: “müvəqqəti xarakterli”. Birincisi, “xarakterli” niyə olsun? Əlavələrdə məhdud zaman çərçivəsində verilmə tarixi göstərilib. “Müvəqqəti”, “spesifikasiya”, “forma üzrə” nə deməkdir? Vallah, bunların əvəzinə düzgün Azərbaycan sözləri tapıb, yazmaq olar. Çətinlik varsa, mən kömək eləyərəm. Gedək, mənim kabinetimdə bütün sözlüklər var. Sağ olun.
Sədrlik edən. Əli müəllim, buyurun.
Ə. Hüseynov. Biz Fazil müəllimin dediyi məsələni işçi qaydasında həll elədik. Digər məsələlər bütövlükdə “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Qanuna aid idi. Dilçilik baxımından deyilənləri nəzərə alarıq. Baş üstə, Valeh müəllim, bu, problem deyil. Amma məsələ burasındadır ki, bunu biz təqdim etməmişdik. Ancaq işçi qaydasında qanunvericilik təşəbbüsünün subyekti ilə razılaşarıq.
Sədrlik edən. Bu qanun layihəsi də, bildiyiniz kimi, 17 maddədən ibarətdir. Gəlin, maddələri beş-beş səsə qoyaq. Xahiş edirəm, 1-5-ci maddələrə münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 17.01 dəq.)
Lehinə 102
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0 
İştirak edir 103
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Xahiş edirəm, 6-10-cu maddələrə münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 17.02 dəq.)
Lehinə 97
Əleyhinə 2
Bitərəf 0
Səs vermədi 0 
İştirak edir 99
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Xahiş edirəm, 11-15-ci maddələrə münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 17.02 dəq.)
Lehinə 94
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 1 
İştirak edir 96
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Xahiş edirəm, 16-17-ci maddələrə münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 17.03 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0 
İştirak edir 93
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Əsasnaməni bütövlükdə səsə qoyuruq. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 17.03 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0 
İştirak edir 94
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi. Milli Məclis bugünkü işini başa çatdırdı. Sağ olun.

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi