2007-ci il 1 fevral tarixli iclasın stenoqramı

ÜÇÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
V  SESSİYASI  İCLASININ

PROTOKOLU  №  40

Milli  Məclisin  iclas  salonu.
1  fevral  2007-ci  il.  Saat  12.

Milli  Məclisin  Sədri
O. Əsədov  sədrlik  etmişdir
 

İclasda Milli Məclisin 110 deputatı iştirak etmişdir.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:
 
 1. Azərbaycan Respublikası Milli Məclisinin 2007-ci il yaz sessiyasının qanunvericilik işləri planı haqqında.
2. Azərbaycan Respublikası Milli Məclisi İntizam komissiyasının yenidən təşkil edilməsi haqqında.
3. Azərbaycan Respublikası Milli Məclisi Hesablayıcı komissiyasının yenidən təşkil edilməsi haqqında.
4. “Türkdilli ölkələrin Dövlət Başçılarının VIII Zirvə Toplantısı Antalya Bəyannaməsi”nin təsdiq edilməsi haqqında.
5. “Bitki Karantini və Mühafizəsi üzrə Avropa və Aralıq Dənizi Təşkilatının yaradılması haqqında” Konvensiyaya qoşulmaq barəsində.
6. “Azərbaycan Respublikası Hökuməti və Kuba Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasportlara malik olan vətəndaşların vizasız gediş-gəlişi haqqında” Sazişin təsdiq edilməsi barədə.
7. Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr edilməsi barədə.
8. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” və “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarına əlavə və dəyişiklik edilməsi haqqında.
9. Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavə edilməsi barədə.
10. Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında.
11. “Toxumçuluq haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik və əlavə edilməsi barədə.
12. “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişikliklər edilməsi barədə.
13. Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

İclasda qəbul edilmişdir:

1. “Azərbaycan Respublikası Milli Məclisinin 2007-ci il yaz sessiyasının qanunvericilik işləri planı haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərarı.
2. “Azərbaycan Respublikası Milli Məclisi İntizam komissiyasının yenidən təşkil edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərarı.
3. “Azərbaycan Respublikası Milli Məclisi Hesablayıcı komissiyasının yenidən təşkil edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərarı.
4. “Türkdilli ölkələrin Dövlət Başçılarının VIII Zirvə Toplantısı Antalya Bəyannaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
5. “Bitki Karantini və Mühafizəsi üzrə Avropa və Aralıq Dənizi Təşkilatının yaradılması haqqında” Konvensiyaya qoşulmaq barəsində” Azərbaycan Respublikasının Qanunu.
6. “Azərbaycan Respublikası Hökuməti və Kuba Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasportlara malik olan vətəndaşların vizasız gediş-gəlişi haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
7. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
8. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” və “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarına əlavə və dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
9. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavə edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
10. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
11. “Toxumçuluq haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik və əlavə edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
12. “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.


Azərbaycan  Respublikası
Milli  Məclisinin  Sədri                                 O. ƏSƏDOV

 

 

 

 


MİLLİ  MƏCLİSİN  İCLASI

1  fevral  2007-ci  il.  Saat  12.

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir


Sədrlik edən. Hörmətli deputatlar!
Milli Məclisin 2007-ci il yaz sessiyasını açıq elan edirəm.
(Azərbaycan Respublikasının Dövlət himni səslənir.)
Hörmətli deputatlar, yaz sessiyasının başlanması münasibəti ilə sizi ürəkdən təbrik edir və qarşıdakı fəaliyyətinizdə hamınıza müvəffəqiyyətlər arzulayıram!
Bildiyiniz kimi, Milli Məclis 2006-cı ilin payız sessiyasını uğurla başa vurmuşdur. Ötən sessiyada Milli Məclisin 19 iclası keçirilmiş, 93 qanun, o cümlədən 3 Konstitusiya qanunu, 11 qərar qəbul edilmişdir. Bir sıra qanun layihələrinə birinci və ikinci oxunuşlarda münasibət bildirilmişdir. Parlamentimiz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi dövlətimizin sosial-iqtisadi inkişafını təmin edən uzaqgörən siyasəti fəal surətdə dəstəkləmişdir. Ölkəmizdə aparılan hüquqi, iqtisadi və sosial islahatların, demokratikləşmə proseslərinin qanunvericilik bazası daha da möhkəmləndirilmiş və təkmilləşdirilmişdir.
Hörmətli deputatlar, bu sessiyada bir sıra zəruri aktların qəbul olunması nəzərdə tutulur. Qanun layihələrinin bir hissəsi qanunvericilik təşəbbüsü qaydasında möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən təqdim ediləcəkdir. Bir sıra layihələr isə bugünkü iclasda müzakirə edəcəyimiz qanunvericilik işləri planında nəzərdə tutulmuşdur.
Konstitusiyada təsbit edildiyi kimi, yaz sessiyasının beşinci iclasında biz Azərbaycan Respublikası Nazirlər Kabinetinin hesabatını dinləyəcəyik. Bundan əlavə, 2006-cı ilin dövlət büdcəsinin icrası haqqında məsələnin parlamentin gündəliyinə çıxarılması gözlənilir. Yaz sessiyasının iclaslarında Azərbaycan Respublikası Hesablama Palatasının illik fəaliyyəti haqqında hesabat, İnsan hüquqları üzrə müvəkkilin və bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzələri də Milli Məclisə təqdim ediləcəkdir.
Hörmətli deputatlar! Əminəm ki, iş planımızda nəzərdə tutulan, habelə qanunvericilik təşəbbüsü qaydasında təqdim ediləcək layihələr səmərəli şəkildə müzakirə edilib qəbul olunacaqdır. Mən Milli Məclisin yaz sessiyasında sizin hamınıza uğurlar arzulayır, bütün deputatları parlamentin fəaliyyətində yaxından iştiraka dəvət edirəm.
Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.

Qeydiyyat (saat 12.05 dəq.)
İştirak edir 108
Yetərsay 83

Yetərsay var, iclasa başlaya bilərik. Bugünkü iclasın gündəliyi sizə paylanıb. Xahiş edirəm, gündəliyə münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 12.06 dəq.)
Lehinə 105
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 3
İştirak edir 108
Nəticə: qəbul edildi

Qəbul edildi. Sağ olun.
İndi gündəliyin müzakirəsinə keçirik. Asəf Hacıyev.
A. Hacıyev. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Tarif Şurası tərəfindən enerji daşıyıcılarının qiymətlərinin dəyişməsi bu gün cəmiyyətdə müxtəlif söhbətlərə səbəb olub. Mən bu gün bu məsələyə öz münasibətimi bildirmək istəyirəm. Sözsüz ki, hamımız Azərbaycanı inkişaf etmiş, qüdrətli bir dövlət kimi görmək istəyirik. Amma görəsən, dünyada elə bir inkişaf etmiş ölkə varmı, istehsal etdiyi məhsulu dəyərindən aşağı qiymətə satsın və büdcədən hər il bu satışa subsidiya ayırsın? Görəsən, dünyada elə bir şirkət varmı, dəyərindən aşağı qiymətə satılan məhsulun istehsalına investisiya qoysun? Təbii ki, yoxdur və olmayacaq. 10 ildir, Azərbaycanda elektrikin qiyməti dəyişməyib və dövlət onu dəyərindən üç dəfə aşağı qiymətə satır.
Digər tərəfdən 10 ildə, gəlin baxaq, Azərbaycanda sosial sferada nələr baş verib? Sosial müdafiə və təminata xərclər dörd dəfə artıb. 2007-ci ildə nəzərdə tutulan artım 6,5 dəfə artıb, 10 ildə orta əmək haqqı yeddi dəfə artıb. Minimum əmək haqqı əlli dəfə artıb. Bəlkə də Azərbaycanda enerji daşıyıcılarının qiymətləri 3-5 il bundan öncə artırılmalı idi. Amma əhalinin vəziyyəti nəzərə alınaraq bu edilmədi. Bundan sonra bu sahələrə ayrılan 330 milyon manat vəsait sosial təminata ayrıla bilər. Bu da o deməkdir ki, sosial təminat iki dəfə artacaq. Təbii ki, qiymətlərin artması əhalinin rifah halına mənfi təsir göstərə bilərdi. Amma cənab Prezidentin büdcədən maliyyələşən insanların bir kateqoriyasının maaşlarını 25 faiz, digər kateqoriyalarının maaşlarını 50 faiz qaldırması bu gərginliyi aradan qaldırdı.
Hesab edirəm ki, bu gün Azərbaycanda dünya birliyi tərəfindən qəbul edilən siyasət həyata keçirilib. Bunu təsdiq etmək üçün mən Davos forumunda Prezident İlham Əliyevin keçirdiyi bir neçə görüşü, xüsusilə Maykrosoft şirkətinin prezidenti, dünyanın ən varlı adamı Bil Qeytslə, İntel və Sisko şirkətlərinin rəhbərləri ilə görüşləri vurğulamaq istərdim. Bunlar dünyada ən çox gəlir əldə edən, informasiya və kommunikasiya sahəsində aparıcı şirkətlərdir. Bu görüşlərdən sonra həmin şirkətlərin prezidentləri Azərbaycana investisiya qoymağa hazır olduqlarını bildiriblər. Hətta cənab Bil Qeyts bəyan edib ki, Azərbaycan bu gün onlara bir nömrəli tərəfdaş kimi görünür.
Deyilənlər Azərbaycanda yaranmış mühitə, dünya tərəfindən qəbul olunan siyasətə verilən ən yüksək qiymətdir. Bunu Prezident İlham Əliyevin ən yüksək “Fəxri legion” ordeni ilə təltif olunması bir daha təsdiq edir. Fürsətdən istifadə edib mən öz seçicilərim adından Prezident İlham Əliyevi bu yüksək ordenlə təltif olunması münasibəti ilə təbrik edirəm. Hesab edirəm ki, biz, millət vəkilləri bundan sonra da əhaliyə vəziyyəti izah eləməli və bu qiymət artımı ilə bağlı lazımi şərhlər verməliyik.
Sədrlik edən. Sağ olun. Əli Hüseynov.
Ə. Hüseynov. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən Milli Məclisin bugünkü gündəliyinə təklif olunan məsələləri dəstəkləyirəm. Bu gün çox vacib məsələlər, o cümlədən Milli Məclisin 2007-ci il yaz sessiyasının qanunvericilik işləri planı müzakirə olunacaq. Yaz sessiyasında bizi kifayət qədər gərgin iş, çox mühüm qanun layihələri gözləyir.
Amma indi mən də həmkarım Asəf müəllimin qaldırdığı bir məsələyə toxunmaq istəyirəm. Parlament məzuniyyətə getməmişdən əvvəl burada müzakirəyə çıxarılmış ən vacib və maraqlı məsələlərdən biri də enerjinin talanmasına görə cinayət məsuliyyətinin nəzərdə tutulması ilə bağlı qanun layihəsi idi. Bu qanun layihəsinin müzakirələri zamanı ictimaiyyətdə səslənən bəzi fikirləri, o cümlədən enerjinin talanmasına görə məsuliyyətin sıravi vətəndaşlara yönəldilməsi ilə bağlı fikirləri eşidəndə buna anlaqlı yanaşır və çalışırdıq ki, vacib maarifləndirmə işi aparaq, insanlar üçün aydın olsun ki, enerji daşıyıcılarının talanması ilə bağlı cinayət məsuliyyəti bütövlükdə bizim xeyrimizədir və bu sahədə meydana çıxan qanun pozuntularının qarşısını başqa yolla almaq olmur.
Bir müddət sonra parlament məzuniyyətdə olarkən Tarif Şurası enerji daşıyıcılarının qiymətlərinin qaldırılması barədə qərar qəbul etdi. Bu, əslində, gözlənilən bir qərar idi. Bu qərarın iqtisadi baxımdan çox uğurlu bir zamanda, 2007-ci ilin əvvəlində qəbul olunması kommunal sahədə aparılan islahatların məntiqi davamı idi. Azərbaycanda bütün sahələrə xarici investorların cəlb olunduğu bir zamanda enerji daşıyıcıları sahəsinə cəlb olunmaması, təbii ki, hamımızı düşündürürdü. Bu baxımdan da Tarif Şurasının qərarı məntiqli görünür. Yəqin, bilirsiniz ki, son dövrlər həm enerjinin talanmasına görə cinayət məsuliyyətini nəzərdə tutan qanunun, həm də Tarif Şurasının qərarının qəbul olunmasından sonra əhalinin özündə də enerji resurslarına qarşı rasional münasibət formalaşmağa başlayıb. Təsadüfi deyildir ki, neçə illərdir, beynəlxalq təşkilatlar, o cümlədən Dünya Bankı kommunal islahatların həyata keçirilməsinin, o cümlədən enerji sektorunda radikal addımların atılmasının tərəfdarı idi.
Neçə illər bundan öncə Dünya Bankı bu məsələlərlə bağlı daim məsələ qaldıranda bizim müxalifət car çəkirdi ki, iqtidar Dünya Bankının, aparıcı iqtisadi təşkilatların məsləhətlərini dinləmir. Amma indi həmin insanlar belə bir addım atmış iqtidarı ittiham etmək istəyirlər. O yerlərdə, o regionlarda ki, qəbul edilmiş bu qərarların əhaliyə düzgün çatdırılması...
Sədrlik edən. Sağ olun. Ziyad Səmədzadə.
Z. Səmədzadə. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də enerji daşıyıcılarının qiymətlərinin artırılması ilə əlaqədar bəzi fikirlərimi açıqlamaq istərdim. Birmənalı şəkildə qeyd etmək istəyirəm ki, iqtisadi islahatlarla bağlı atılan bu addım obyektiv zərurətdən irəli gəlib. Hökumət bu addımı atmağa məcbur idi. Əks halda iqtisadi sferada, xüsusilə yanacaq, elektrik kompleksində aşağıdakı neqativ proseslər qalmaqda davam edəcəkdi. Birincisi, energetika sektorunun iqtisadi göstəricilərinin aşağı olması səbəbindən dövlət büdcəsindən ona hər il 4 milyon manat subsidiya ayrılması. İkincisi, avadanlıqların mənəvi və fiziki baxımdan köhnəlməsi nəticəsində enerji itkilərinin kifayət qədər yüksək, 15-16 faiz olması ki, bu da 3,2 milyard kilovat-saat enerji itkisi deməkdir. Üçüncüsü, israfçılığın, mənimsəmənin xroniki xarakter daşıması. Dördüncüsü, təsərrüfat fəaliyyətinin hər il zərərlə başa vurulması – 2004-cü ildə 256 milyon, 2005-ci ildə 260 milyon. Qarşılıqlı borclar probleminin kəskinləşməsi. Beşincisi, elektrik enerjisi istehlakçısının sahə strukturunun reallıqdan xeyli dərəcədə uzaq olması.
Əsas səbəblərdən biri də müxtəlif istehlakçılar üçün bir kilovat-saat elektrik enerjisinin qiymətində olan fərqlər və buna görə də ağırlıq mərkəzinin əhalinin üzərinə ötürülməsidir. Bir misal çəkmək istəyirəm. 2005-ci ildə istehlak olunan elektrik enerjisinin 32-33 faizi Bayvanın payına düşür. Burada əhalinin xüsusi çəkisi 78 faiz, ticarət, xidmət və fərdi tikinti sahələrinin payı cəmi 0,7 faizdir. Məncə, şərhə ehtiyac yoxdur. Müəyyən edilmiş tədbirlər bu neqativ proseslərin aradan qaldırılması və resurslardan qənaətlə istifadə edilməsi üçün güclü əsas yaradacaq. Maya dəyərini ödəməyə imkan verən tariflərə keçid nəticəsində energetika az da olsa (4 faiz), rentabellə işləyəcək. Heç şübhəsiz ki, antiinflyasiya tədbirləri daha sistemli həyata keçirilməli, qiymətlərin süni artırılmasına qarşı həm iqtisadi, həm də inzibati üsullardan istifadə edilməli, ən başlıcası, qeyri-neft sektorunun rəqabət qabiliyyətinin artırılması ön plana çəkilməlidir.
Hörmətli Sədr, hörmətli millət vəkilləri, biz ağır itkilərlə müşayiət olunan dördrəqəmli inflyasiya illərini arxada qoymuşuq. Bu dövrdə qiymətlər on, yüz dəfələrlə artsa da, sosial müdafiə məsələlərinin həlli üçün vəsait olmayıb. Bu gün isə dövlətin iqtisadi və maliyyə imkanları qat-qat artıb, İlham Əliyevin əhalinin sosial müdafiəsi ilə bağlı imzaladığı sərəncamların maliyyə tutumu 700 milyon manatdan çoxdur. Son illərdə pul gəlirinin artımı istehlak qiymətlərinin artımını xeyli üstələyir və bu cür siyasətin...
Sədrlik edən. Sağ olun. Həvva Məmmədova.
H. Məmmədova. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də yaz sessiyasının başlanması münasibəti ilə bütün deputat həmkarlarımı təbrik edir və onlara fəaliyyətlərində uğurlar arzulayıram!
Hörmətli millət vəkilləri, respublikamızın uğurla başa vurduğu ötən ilin yekunları bir daha göstərdi ki, 2006-cı il həyatımızın bütün sahələrində tərəqqi və inkişaf ili kimi tarixə yazılacaqdır. Ötən il xarici və daxili siyasətdə böyük öndərimiz Heydər Əliyevin siyasi kursu İlham Əliyev tərəfindən inamla davam etdirilmişdir. Yeni ili də xalqımız uğurla başlayıb.
Mən bəzi müxalifət qüvvələrinin – Müsavat Partiyasının və Azadlıq Blokunun xalqı aldatması məsələsinə münasibətimi bildirmək istərdim. Hamınıza məlumdur ki, Tarif Şurasının qərarı ilə bu il yanvarın 8-dən ölkəmizdə enerji daşıyıcılarının qiyməti qaldırıldı. Adlarını yuxarıda qeyd etdiyim qüvvələr bu məsələni az qala milli faciə kimi qələmə verdilər. Guya bu hakimiyyət xalqı onlardan az istəyir. Halbuki özləri həmişə ümummilli mənafelərə zidd olan işlərlə məşğul olublar.
Bir aya yaxındır ki, onlar insanları küçələrə səsləyirlər. Azadlıq Bloku küçələrə yüz nəfərdən artıq adam çıxara bilmədi. Müsavat Partiyası isə cəmi iki yüz nəfər adam çıxartdı. Həmin aksiyalara gələnlər, əsasən, o partiya rəhbərlərinin qohum-əqrəbası idi. Başqa cür ola da bilməzdi. Çünki xalq daha bu müxalifətə zərrə qədər inanmır. Belə olmasa idi, onların ətrafı getdikcə seyrəlməzdi. Son parlament seçkilərinə qədər onların ətrafında 500-600-ə qədər adam toplanırdı. İndi isə bunu da bacarmırlar. Müxalifət növbəti mitinqlərinin birini Ermənistanın Avropa ölkələrindəki səfirliklərindən hər hansı biri qarşısında Azərbaycanın işğal altında olan torpaqlarına həsr etsə idi, daha yaxşı olardı.
Hörmətli millət vəkilləri, diqqətinizi qiymət islahatları ilə əlaqədar olaraq dövlət başçımızın imzaladığı sərəncamlara da yönəltmək istəyirəm. Bütövlükdə cəmiyyətimiz tərəfindən dəstəklənən bu sərəncamlar həm də onu göstərir ki, sosial cəhətdən zəif təmin olunmuş insanlarımıza, qaçqın və məcburi köçkünlərimizə, şəhid ailələrimizə qayğı daim Prezidentimizin diqqət mərkəzindədir. Yardım qayğıya ehtiyacı olanlara edilməlidir. Dövlət başçımızın atdığı addımların hamısı buna xidmət edir. Hər şey ünvanlı olmalıdır. Bununla bağlı ötən il Azərbaycanda sosial müdafiənin yeni bir sistemi – ünvanlı sosial yardım tətbiq edildi ki, bu da öz səmərəsini verməkdədir. Prezidentimizin yanvarın 20-də keçirdiyi müşavirə və onun ertəsi günü Prezident tərəfindən imzalanan sərəncamlarla minimum əmək haqqının, yaşa görə əmək pensiyasının baza hissəsinin, sosial müavinətlərin məbləğinin, habelə əhalinin çox böyük hissəsinin çalışdığı büdcə təşkilatlarında işləyənlərin əmək haqqının artırılması respublikamızda böyük razılıq və minnətdarlıqla qarşılanmışdır. İqtisadiyyatımız nə qədər inkişaf edəcəksə, əhalinin sosial vəziyyəti də o qədər yaxşılaşacaqdır. Torpaqlarımızın azad olunması da bundan keçir. Biz bu yolda hər cür...
Sədrlik edən. Bağışlayın, müzakirələrdə hər çıxışçıya ayrılan vaxt 3 dəqiqədir. Yazılanlar çoxdur. Eldar İbrahimov.
E. İbrahimov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli həmkarlar, hörmətli qonaqlar! Bu gün bizə təqdim olunmuş gündəlik, həqiqətən, zəngin bir gündəlikdir. Burada aqrar sahə ilə əlaqədar çox vacib üç qanun da var. Yəqin ki, bu qanunların müzakirəsi vaxtı mən onlar haqqında sizə daha geniş məlumat verəcəyəm.
Məndən qabaq çıxış edən həmkarlarım yanvar ayında Tarif Şurası tərəfindən enerji daşıyıcılarının qiymətlərinin qaldırılması məsələsinə toxundular. Müxalifət bu qiymət artımından sensasiya düzəltməyə çox çalışdı. Lakin opponentlərimiz axırda gördülər ki, bu cəhdlər əbəsdir. Möhtərəm Prezidentimiz Nazirlər Kabinetinin iclasında iqtisadiyyatımızın inkişafı və bu qiymətlərlə əlaqədar o qədər dərin və aydın bir təhlil ortaya qoydu ki, insanlar ondan sonra hər şeyi başa düşdülər, qəbul etdilər ki, qiymətlərin artımı təbiidir və biz buna getməliyik. İqtisadiyyat inkişaf edirsə, həyat səviyyəsi yüksəlirsə, bununla bərabər, təbii ki, qiymətlər də qalxmalıdır. Bunu təbii bir proses kimi, bazar iqtisadiyyatının qanunları kimi qəbul etmək lazımdır.
Mən, əlbəttə, çıxış edərkən aqrar sahəyə toxunmaya bilmərəm. Uzun illər bu sahə üzrə icra orqanında işləmiş və artıq 12 ildir, qanunverici orqanda Aqrar siyasət daimi komissiyasının sədri vəzifəsində çalışan bir insan kimi onu demək istəyirəm ki, aqrar sahədə qiymətlərin qalxması yox, enməsi baş verdi. Əgər keçən il benzinin qiyməti 2000 manat idisə, indi bu qiymət 3000 manat olduqdan sonra Prezidentimiz bütün kənd təsərrüfatı istehsalçılarına dövlət dəstəyi haqqında sərəncamı ilə bu qiymətləri 50 faiz endirib. İndi təsəvvür eləyin, kənddə ən çox işlənən Aİ-92 benzininin qiyməti 2750 manatdır. Bunun 50 faizi 1375 manat eləyir. Mən köhnə pulla deyirəm. Keçən il kənd təsərrüfatı məhsulu, məsələn, 1800 manata istehsal olunubsa, bu il 50 faiz güzəştlə 1125 manata düşüb. Demək, məhsulun maya dəyəri baha başa gələ bilməz. Dediyim faktlar möhtərəm Prezidentimizin aqrar sahəyə böyük diqqət və qayğısını bir daha nümayiş etdirir. Kənd üçün büdcədən 233 milyon manat əlavə vəsait ayrılıb. Üstəgəl...
Sədrlik edən. Sağ olun. Cəmil Həsənli.
C. Həsənli. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli millət vəkilləri, mətbuat nümayəndələri! Yaz sessiyasının başlanması münasibəti ilə mən sizi təbrik edirəm və ümidvaram ki, yaz sessiyası ərzində Azərbaycanın sosial-iqtisadi həyatının, siyasi həyatının hüquqi əsaslarının daha da möhkəmləndirilməsi istiqamətində uğurlu işlər görüləcək, uğurlu addımlar atılacaq.
Bizim bugünkü iclasımız enerji daşıyıcılarının qiymətlərinin artması ilə bağlı çıxışlarla başlandı. Mən də bu məsələyə öz münasibətimi bildirmək istəyirəm. Birincisi, qeyd etmək istəyirəm ki, mən Azərbaycan Respublikası Milli Məclisində heç bir müxalifət partiyasını təmsil eləmirəm və müxalifət nümayəndəsi deyiləm, müstəqil deputat kimi fəaliyyət göstərirəm. Bununla belə, məndən qabaq çıxış edən deputatların fikirlərinə qatılmıram. Nə üçün? Çünki hər cür qiymət artımı əhalinin sosial-iqtisadi vəziyyətinə uyğun olmalıdır.
Yanvar ayının 6-da Tarif Şurası qiymətləri artırdı. Bundan sonra keçən bir həftə ərzində nə iqtisadi inkişaf naziri, nə də Tarif Şurasının digər üzvləri qiymət artımının iqtisadi cəhətdən əsaslandırılmasını verə bilmədilər. Qiymət artımı əhalinin yaşayış səviyyəsinə uyğun olmalıdır. Bu qiymətlərin birdən-birə 300 faiz artırılması, sizi əmin edirəm ki, Azərbaycan cəmiyyətini və eyni zamanda, qiymət artımına tərəfdar olan millət vəkillərinin seçicilərini şok vəziyyətinə saldı.
Burada, demək olar ki, hamı sovet dövründə yaşayıb. O dövrdə bir şüar var idi - Amerikaya çatmaq və onu keçmək. Təəssüflər olsun ki, biz iqtisadi göstəricilərə görə yox, qiymət artımına görə Amerika Birləşmiş Ştatlarına çatdıq və onu keçdik. Bu gün Azərbaycanda elektrik enerjisinin və eyni zamanda, yanacağın satış qiyməti Amerika Birləşmiş Ştatlarının 50 faizdən artıq ştatlarındakından çoxdur. Əgər biz gəlirlərə diqqət yetirsək, tamamilə ayrı mənzərənin şahidi olarıq.
Azərbaycanda enerji haqlarının toplanması heç vaxt 50 faizi ötməyib. Bunun səbəbi öyrənilməli idi. Əhali bunu özümü vermək istəmir, ya maddi cəhətdən bunu verməyə imkanı yoxdur? Əlbəttə, bu qiymətlər Avropa ölkələri üçün əlverişlidir. Çünki onlarda pensiyaçı minimum 1500 dollar pensiya alır, 1500 avrodan az əmək haqqı alan yoxdur. Sizi əmin edirəm, qiymət artımından sonra yüzlərlə adam müraciət edir, bunun səbəblərini soruşur. Mənə elə gəlir ki, Azərbaycan Milli Məclisi qarşıdakı iclaslarının birində...
Sədrlik edən. Oldu, çox sağ olun. Aydın Mirzəzadə.
A. Mirzəzadə. Hörmətli cənab Sədr, ilk növbədə Sizi, sədarəti, deputat həmkarlarımı və bizim fəaliyyətimizi işıqlandıran mətbuat işçilərini Milli Məclisin yaz sessiyasının başlanması münasibəti ilə təbrik edirəm. İnanıram ki, yaz sessiyasında bu gün cəmiyyətimizi maraqlandıran, onun gözlədiyi qanunları qəbul edə biləcəyik. Bizə təqdim edilmiş 2007-ci il yaz sessiyasının qanunvericilik işləri planında da bu qanunlardan bir çoxunun artıq öz əksini tapmış olduğunu görürük.
Mən də müzakirə mövzusu olan qiymətlərin tənzimlənməsi məsələsinə öz münasibətimi bildirmək istəyirəm. Bəzən belə bir fikir səslənir ki, Tarif Şurasının qiymətləri tənzimləmək hüququ yoxdur. Guya bu funksiya hökumətə məxsusdur. Təəssüf ki, opponentlərin bu məsələdə məlumatları həddən artıq azdır. Bilmək lazımdır ki, Tarif Şurası və onun əsasnaməsi dövlət başçısı tərəfindən təsdiqlənir və dövlət qiymətlərinin tənzimlənməsi məhz Tarif Şurasına həvalə edilib. Yəni bu baxımdan onun atdığı addımlar düzgündür. Digər tərəfdən, bilmək lazımdır ki, Tarif Şurası qiymətləri ancaq qaldırmır, həm də tənzimləyir. Bir çox dövlət müəssisələri bu və ya digər xidmət haqqının artırılması üçün müraciət etsələr də, Tarif Şurası ya bu qiymət artımı üçün əsas olmadığını, ya da bunun hələ vaxtı çatmadığını bildirib, onların müraciətlərinə rədd cavabı verir. Yəni məsələyə hərtərəfli baxmaq lazımdır.
Eyni zamanda, opponentlərimiz belə bir fikir irəli sürürlər ki, qiymətlər əhalinin vəziyyəti nəzərə alınmadan, maaş və müavinətlər artırılmadan qaldırılmışdır. Bu da belə deyil. Yadda saxlamaq lazımdır ki, ilbəil bizdə əmək haqları, pensiyalar artır. Eyni zamanda, keçən ildən başlayaraq Azərbaycanda ünvanlı sosial yardım proqramı həyata keçirilir. Əhalinin təxminən 9 faizə qədəri bu proqramla əhatə olunub, dövlətdən müvafiq yardım alır. Bunun özü göstərir ki, dövlət sosial cəhətdən imkanı aşağı olan təbəqələrin vəziyyətinin yaxşılaşmasına daim diqqət edir. Cənab Prezidentin verdiyi sərəncamlar əsasında ilk növbədə qiymət artımından əziyyət çəkə bilən təbəqələrin əmək haqqı və müavinətləri artırıldı. Bu da dövlətin həmin təbəqələrə diqqətini göstərir.
Həmçinin qeyd etmək istəyirəm ki, elektrik enerjisinin qiymətinin artması çoxdan labüd idi. Mən Mingəçevirdə 10 ilədək elektrik stansiyasında işləmişəm. Bu stansiya Azərbaycanda elektrik enerjisinin 67 faizini verir və mən bu enerjinin nə cür çətinliklə başa gəldiyini yaxşı bilirəm. Dünyanın heç yerində elektrik enerjisi maya dəyərindən aşağı qiymətə satılmır. Bizdə isə o, aşağı qiymətə satılırdı. Bu gün energetikaya dövlət yox, özəl sektor investisiyalar qoymalıdır. Axı, investor, o cümlədən xarici investor maya dəyərindən aşağı qiymətə satılan məhsulun istehsalına investisiya qoymayacaq. Yəni bu qiymətlərin tənzimlənməsi, hesab edirəm ki, ilk növbədə energetika sahəsinə xarici və daxili investorların cəlb edilməsinə gətirib çıxaracaq. Ona görə hesab edirəm ki, hökumətin qərarı düzgün idi. Bu istiqamətdə atılan...
Sədrlik edən. Sağ olun. Elmira Axundova.
E. Axundova. Çox sağ olun. Mən də hörmətli həmkarlarımı Milli Məclisin yaz sessiyasının başlanması münasibəti ilə təbrik edirəm. Hamınıza məhsuldar iş, böyük nailiyyətlər, mükəmməl qanunlar arzu edirəm.
Mən bir-iki vacib məsələyə diqqətinizi cəlb etmək istərdim. Əvvəla, bizim nümayəndə heyətimiz Strasburqdan – Avropa Şurası Parlament Assambleyasının qış sessiyasından qayıdıb. Mən deyərdim ki, həmkarlarımız orada həmişəki kimi böyük və uğurlu işlər görüblər. Mən üzrlü səbəblərə görə onlara qatıla bilməsəm də, işlərini diqqətlə izləyir və bu uğurlara sevinirdim. Xüsusilə Rafael Hüseynovun və Qənirə Paşayevanın AŞPA-nın Nazirlər Kabinetinə ünvanlanmış sorğularını qeyd etmək istərdim. Mən bilirəm, bu sorğuları ünvanlamaq üçün səs yığmaq, sonra isə sorğunu AŞPA-nın sənədinə çevirmək üçün nə qədər əziyyət çəkmək, neçə maneələrdən keçmək lazımdır. Ona görə də Rafael Hüseynovun və Qənirə Paşayevanın təşəbbüslərini yüksək qiymətləndirir və onları alqışlayıram. Ümumiyyətlə, Rafael Hüseynov 6 ildə AŞPA-da 50-yə yaxın sənəd yayıb və hər bir sessiyaya yorulmadan təzə sənəd hazırlayıb. Mən bunu əsil vətənpərvərlik nümunəsi hesab edirəm. Bilirəm ki, bizim başqa nümayəndə heyətlərimiz də digər beynəlxalq təşkilatlarda fəal iş aparır, Azərbaycanın milli maraqlarını layiqincə təmsil edirlər.
Təəssüf ki, bu işlər barədə sistematik və müntəzəm şəkildə nəinki xalqımızın, seçicilərimizin, heç biz deputatların da hərdən məlumatı olmur. Ona görə də, hörmətli Oqtay müəllim, mən, birinci, təklif edərdim ki, bizim parlament televiziya kanalımız tezliklə yaradılsın, bu istiqamətdə işlər sürətləndirilsin və Avropa Şurası Parlament Assambleyasının iclaslarına, NATO-nun, digər beynəlxalq təşkilatların iclaslarına bizimlə birlikdə mütləq televiziya qrupları da göndərilsin. Bu forumlarda Azərbaycan deputatlarının çıxışlarından başqa, qlobal hadisələr müzakirə olunur, çox mühüm ümumbəşəri problemlərə toxunulur və bizim ictimaiyyət bu forumlardakı işlərdən xəbərdar olsa, məncə, çox yaxşı olar. Hələlik isə təklif edərdim ki, Milli Məclisin nümayəndə heyəti hər hansı bir xarici səfərdən qayıdarkən o nümayəndə heyətinin rəhbəri bizə səfərin yekunlarından, orada əldə olunmuş nailiyyətlərdən qısaca məlumat versin. Düzdür, deputatlar mühüm xarici səfərlərdən qayıdarkən qəzetlərə, agentliklərə, telekanallara müsahibələr verirlər. Amma bu, pərakəndə şəkildə olur və heç də hamımız bu məlumatları izləyə bilmirik. Arzu edərdim ki, biz bir-birimizin işimizdən xəbərdar olaq, bir-birimizin uğurlarına sevinək, çətinliklər varsa, onların həllini də bir yerdə tapaq. Mən demirəm ki, hər iclasda bunu edək, amma ayda bir dəfə xarici səfərlərin yekunlarına bir saat həsr eləmək olar. Belə müzakirələr həm də nümayəndə heyətlərinin üzvlərini daha fəal, daha təşəbbüskar olmağa vadar edər.
Sədrlik edən. Çox sağ olun, Elmira xanım. Siyavuş Novruzov.
S. Novruzov. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Sabah Azərbaycan Respublikasında Gənclər günüdür. Mən təməli ümummilli liderimiz tərəfindən qoyulmuş Gənclər günü münasibəti ilə bütün Azərbaycan gəncliyini təbrik edir, onlara işlərində uğurlar diləyir, Vətənə, dövlətə, Prezidentə sədaqətlə xidmətdə yeni-yeni nailiyyətlər arzulayıram!
Burada mənim deputat həmkarlarım qiymət artımı barədə danışıb, buna münasibətlərini bildirdilər. Məncə, bu, əslində, qiymət artımı deyil, qiymət islahatıdır. Azərbaycanda gedən iqtisadi islahatların bir hissəsi də budur. Ona görə də bunu Azərbaycanda qiymət artımı kimi qiymətləndirmək o qədər də doğru deyil. Azərbaycanda bütün sahələrdə olduğu kimi, qiymət sahəsində də islahat gedir, enerji daşıyıcılarının qiymətləri maya dəyərinə yaxınlaşdırılır. Bununla bağlı sosial sahədə olan güzəştlər, digər güzəştlər haqqında deputat həmkarlarımız müəyyən qədər məlumat verdilər.
Təəssüflər olsun ki, bu islahatlardan iqtidarın əleyhinə istifadə etmək istəyən müxalifət özü biabırçı bir vəziyyətə düşdü. Hər hansı bir aksiya keçirmək, kimlərisə qızışdırıb ortaya çıxarmaq cəhdi növbəti dəfə iflasa uğradı. Bu bir daha göstərdi ki, bütün Azərbaycan xalqı Azərbaycan Prezidentinin fəaliyyətini bəyənir, onun siyasətini dəstəkləyir. Ona görə də mən təklif edərdim ki, bizim opponentlərimiz bu cür əməllərindən əl çəkib daha faydalı işlərlə məşğul olsunlar.
Həmkarım Elmira xanım bir məsələyə toxundu. Keçmişdə belə bir ənənə var idi. Beynəlxalq təşkilatdan gələnlər burada çıxış edərək deputat həmkarlarına orada gördükləri işlər barədə məlumat verirdilər. Oqtay müəllim, mən özüm də beynəlxalq təşkilatlarda, Ziyafət müəllimin rəhbərliyi ilə NATO-nun Parlament Assambleyasında oluram. Mən hesab edirəm ki, bu işlər barədə ictimaiyyətə məlumatın çatdırılmasında bir sistemlilik yaratmaq lazımdır. Məlumatlar Azərbaycan ictimaiyyətinə müxtəlif mənbələrdən yox, eyni mənbədən çatdırılmalıdır. Yoxsa bu qarışıqlıqdan istifadə eləyən müxalifət mətbuatı yenə də bizə böhtan atmaq, qara yaxmaq, gördüyümüz işlərin üzərinə kölgə salmaq üçün bundan yararlanmağa çalışacaqdır. Mən hesab edirəm ki, bu sahədə informasiyanın ictimaiyyətə çatdırılması bir nəfərə həvalə olunmalıdır. Kim telefona tez çatdısa, məlumat verməsin. Bu, ciddi məsələdir. Çünki vahid informasiya olmayanda eyni bir olayın müxtəlif versiyaları yaranır. İndi hamımız internetdə müxtəlif saytlardan istifadə edirik. Görürsən, bizim həmkarımız bir fikir deyir, Avropa Şurasının saytında başqa fikir yazılır.
Sədrlik edən. Çox düzgün deyirsiniz, Siyavuş müəllim. Məsələ bundadır ki, beynəlxalq təşkilata gedən hər qrupun rəhbəri var. Bu haqda biz artıq söhbət eləmişik. Gedənlər komanda şəklində gedirlər. Sizin dediyiniz kimi, hər bir millət vəkili televiziyaya, qəzetə ayrı-ayrılıqda müsahibə verməli deyil. Biz danışmışıq. Onlar gələndən sonra bir yerdə bütün qrup halında mətbuat konfransı düzəldib, gördükləri işlər haqqında məlumat verəcəklər. Hadi Rəcəbli.
H. Rəcəbli. Hörmətli cənab Sədr, hörmətli deputat həmkarlarım! Biz qanun yaradıcılığı planı ilə tanış olduq. 2007-ci ilin yaz sessiyası üçün nəzərdə tutulan qanunvericilik işləri planı Azərbaycanın dünyaya inteqrasiya etməsindən, demokratik cəmiyyət quruculuğundan xəbər verən qanun yaradıcılığı planıdır. Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artır. Daha bir sevindirici hal odur ki, möhtərəm Prezidentimiz dünyada özünə böyük nüfuz qazanıb. Onun bu günlərdə Fransanın ən yüksək mükafatına – “Fəxri legion” ordeninə layiq görülməsi bunu bir daha sübut edir.
İnteqrasiya prosesi, əlbəttə, birmənalı ötmür. O həm iqtisadiyyatda, həm siyasətdə, həm də cəmiyyətin bütün sahələrində özünü göstərir. Enerji daşıyıcılarının qiymətlərinin tənzimlənməsi də hökumətin məhz bu qəbildən olan addımı idi və bu addım iqtisadçılar, siyasətçilər tərəfindən yüksək qiymətləndirildi. Bunun ətrafında şou yaratmaq, bundan siyasi kapital kimi istifadə etmək istəyən adamlar isə, təbii ki, iflasa uğradılar və onların siyasətinin əsassız olduğu bir daha sübuta yetdi.
Mən sosial müdafiə addımları ilə müşayiət olunan bu islahatların nəticələrini qısaca qeyd etmək istəyirəm. Azərbaycan əhalisinin 57 faizi bu sosial müdafiə elementindən faydalandı. Bizdə istehlak məhsullarının qiymət artımının bugünkü hesablamalara görə həcmi əgər 8-12 faiz təşkil edirsə, demək olar ki, bütün sahələrdə əmək haqları 25 faiz artırıldı və eyni zamanda, əhalinin sosial müdafiəyə ehtiyacı olan böyük bir qrupunun müavinətləri və pensiyasının baza hissəsi yüksəldi. Bu tədbirdən 1 milyon 189 min təqaüdçü faydalandı, 1 milyon 300 min əhalinin isə əmək haqqı 25 faiz yüksəldi.
Mən başqa bir rəqəmi də demək istəyirəm. Bildiyiniz kimi, bizdə işləyən təqaüdçülər də var. Bu gün işləyən təqaüdçülərin də təqaüdü artırılıbdır. Belə olan təqdirdə biz enerji daşıyıcılarının, kommunal xərclərin artımında əmələ gələn fərqi, demək olar ki, sosial müdafiə tədbirləri ilə aradan qaldırmışıq. Mən onu qeyd eləmək istəyirəm ki, çox qısa müddətdə möhtərəm Prezidentimiz buna reaksiya verdi, adekvat addımlar atdı və sosial müdafiəni xeyli gücləndirdi. Mənim proqnozlarım onu göstərir ki, bizdə yoxsulluq həddi bu ilin sonuna qədər xeyli azalacaqdır. Mən...
Sədrlik edən. Çox sağ olun. Cari məsələlərə yarım saat ayrılıb. Çıxışlar isə artıq 35 dəqiqədir davam edir. Mirkazım Kazımova da söz verək.
M. Kazımov. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bu günlərdə möhtərəm Prezidentimiz İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2006-cı ilin yekunlarına həsr olunmuş iclasında son illər ölkəmizin sürətli sosial-iqtisadi inkişafı əldə olunan nəticələrlə bir daha təsdiqləndi. İl ərzində ümumi daxili məhsul həcminin artımı 35 faiz təşkil etmişdir. Bu, dünyada ən yüksək göstəricidir. İqtisadiyyatın və sosial sektorun digər göstəriciləri də yüksək olmuşdur. Ayrı-ayrı sahələrdə daha yüksək artıma nail olunmuşdur.
Bütün bu uğurları görməyən, daha doğrusu, görmək istəməyən bəzi müxalif qüvvələr ilin əvvəlində enerji daşıyıcıları və xidmət sahəsində həyata keçirilən tarif islahatlarından siyasi möhtəkirlik məqsədi ilə istifadə edib, hansısa kütləvi aksiyalar keçirmək istəmiş, məlum olduğu kimi, öz məqsədlərinə nail ola bilməmişlər. Onların tədbirinə, əsasən, onların öz qohum-qardaşları və az sayda tərəfkeşləri gəlmişlər. Ölkə əhalisi, xüsusilə sosial sahədə və özəl sektorda çalışanlar, ziyalılar, bazar iqtisadiyyatı prinsiplərindən çox yox, bir qədər başı çıxan insanlar qiymət artımını, daha doğrusu, bu sahədə aparılan zəruri islahatları düzgün qəbul etmişlər.
Bu islahatlar əhali üçün heç də gözlənilməz olmamışdır. Belə ki, dövlət başçısı sözü gedən sektorlarda tariflərin tənzimlənməsinin vacibliyini son zamanlar bir neçə dəfə bildirmiş, son dəfə ötən ilin avqustunda keçirilən müşavirədə bu barədə hökumətin müvafiq strukturlarına tapşırıqlar vermişdi. Prezident hökumətə irad tutmuşdu ki, dövlət nə vaxta kimi enerji sektorunu subsidiyalaşdırmalıdır. Ölkə Prezidenti “2007-ci ilin dövlət büdcəsi haqqında” Qanunun tətbiqi ilə bağlı 2006-cı il 22 dekabr tarixli fərmanında Tarif Şurasına mənzil-kommunal xidməti tariflərinin və hədd normalarının təkmilləşdirilməsini və təsdiqini tapşırmışdır. 6 yanvar tarixli qərar bu tapşırığın icrasına istiqamətlənmiş tədbirdir. Həyata keçirilən qiymət islahatı enerji və kommunal sektorlarda, xüsusilə də elektrik enerjisinin istehsalı və paylanması sahəsində fəaliyyət göstərən dövlət və özəl müəssisələrin fəaliyyətinin səmərəliyini təmin etməyə və yeni istehsal sahələrinin yaradılmasına, xarici investorların bu sahəyə cəlb edilməsinə...
Sədrlik edən. Çox sağ olun. Hörmətli millət vəkilləri! Zalda oturan millət vəkillərinin 50 faizinin mikrofonları yanır. Müzakirələrə yarım saat vaxt ayrılsa da, o daha çox davam etdi.
Mən hesab edirəm ki, artıq gündəliyin müzakirəsinə keçməliyik. Birinci məsələ Azərbaycan Respublikası Milli Məclisinin 2007-ci il yaz sessiyasının qanunvericilik işləri planı haqqındadır. Bildiyiniz kimi, Daxili Nizamnamənin 7-ci maddəsinə əsasən Milli Məclisin iclasları hər sessiyanın əvvəlində qəbul edilən qanunvericilik işləri planına uyğun olaraq keçirilir. Milli Məclisin qanunvericilik işləri planı qərarla təsdiq edilir.
Hörmətli millət vəkilləri, sizin hamınıza gündəlik paylanıb. Bu gündəlikdə Konstitusiyaya uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim edəcəkləri qanun layihələri üçün ayrıca bir bölmə ayrılıb. Qalan layihələr Milli Məclisin daimi komissiyaları tərəfindən müzakirələrə hazırlanmışdır. Müzakirələrə başlayırıq. Gündəliyin birinci məsələsi. İqbal Ağazadə.
İ. Ağazadə. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən də Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planında təklif olunan məsələlərlə bağlı ciddi şəkildə...
Sədrlik edən. İqbal müəllim, üzr istəyirəm. Mən görürəm, çox adamın ürəyində sözləri var. Etiraz yoxdursa, müzakirə üçün reqlamenti 5 dəqiqə eləyək.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Pənah bəy, mən bunu sənə görə eləmək istəyirəm ki, növbə sənə də gəlib çatsın.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. 10 dəqiqə müzakirə eləyirik. Buyurun.
İ. Ağazadə. Çox sağ olun. Mən bu cari məsələlərlə bağlı çıxışların məntiqindən belə başa düşdüm ki, bizim Milli Məclis yaz sessiyasında daha ciddi bir təklif hazırlayıb Tarif Şurasına verməlidir. Mən belə anladım ki, qiymət artımından əhalimiz çox məmnun qalıb. Ölkədə hər şeyin daha yaxşı səviyyədə olması üçün Milli Məclis təklif hazırlasın, Tarif Şurası qiymətləri beş dəfə də qaldırsın. Buradakı çıxışlardan belə məntiqi nəticə hasil olur ki, əhali bu qiymət artımını dəstəkləyir. Təəssüflər olsun ki, deputatlarımız da xalqın susmasını bunun əhali tərəfindən dəstəklənməsi kimi qiymətləndirirlər.
Ola bilsin ki, iqtisadiyyatın hansısa bir sahəsində bu məsələ tələbat kimi ortaya çıxır, amma dünya bazarından, dünya standartlarına yaxınlaşmaqdan danışan millət vəkilləri niyə unudurlar ki, dünyada 1 kilovat enerjinin istehsalı üçün 180 qram, Azərbaycanda isə 400 qram mazut yandırılır? Niyə bu rəqəmləri dünya standartlarına uyğunlaşdırmaq barədə düşünmürük? Niyə düşünmürük ki, 1 kilovat enerjinin alınması üçün Azərbaycan niyə bu qədər itkilərə yol verməlidir və məhsulun maya dəyəri yüksəkdir deyə, Azərenerji bunu niyə əhalidən çıxmalıdır?
Hesab edirəm, Milli Məclis yaz sessiyasının iş planına hökumətin mart ayından əvvəl hesabat verməsini daxil etməlidir. Enerji daşıyıcılarının qiymətlərinin artırılmasına görə xüsusilə Azərenerji burada hesabat verməlidir. Onun mətbuata açıqlamasında deyilir ki, yeni avadanlıqlar almışıq və külli miqdarda vəsait xərcləmişik. Sual olunur, əgər bu avadanlıqların alınmasına külli miqdarda vəsait xərc olunub və bu vəsait çıxarılmalıdırsa, onda müasir avadanlıqlarla niyə bu qədər enerji itkisinə yol verilir? Mən başa düşürəm, naqillərin köhnəliyi, elektrik xətlərinin, elektrik dirəklərinin nasaz olması yollarda 15-16 faiz enerji itkisi ilə nəticələnə bilər. Bunu qəbul etmək mümkündür. Bəs onda müasir avadanlıq alan Azərenerji niyə 180 qram əvəzinə 400 qram mazut yandırır? Qiymət artımından danışanda əvvəlcə hansı yolla maya dəyərinin aşağı salınması barədə düşünməli idilər. Dünyada iqtisadiyyatın rentabelliyi maya dəyərinin aşağı salınması hesabına əldə olunur, daha nəyin hesabına olursa olsun, onun əhalidən toplanması hesabına yox.
Mən hesab edirəm ki, bu qiymət artımı əhalinin həyat şəraitinə olduqca ağır təsir göstərir. Çox hörmətli Eldar müəllim deyir ki, kənd təsərrüfatında keçən il məhsulun maya dəyəri 1800 manata başa gəlirdi, indi yanacağın fermerlərə ucuz qiymətə verilməsi hesabına 1125 manata başa gələcək. Onda sual olunur, nədən məhsulun maya dəyərini aşağı salıb, təzədən kənd təsərrüfatına subsidiya verirsiniz? Əgər kənd təsərrüfatına subsidiyanı ləğv etdirmək üçün məhsulun maya dəyərinə satılmasını iqtisadiyyatımızın inkişaf amili hesab edirsinizsə, maya dəyərini 1800 manatdan 1125 manata endirib yenidən subsidiya verməyin mənası nədir? Və yaxud iqtisadçılarımız hesab edirlər ki, maaşların 25 faiz artırılması xalqın həyat səviyyəsinin yüksəldilməsi deməkdir. Məlumdur ki, bu, büdcədən 700 milyon manata qədər vəsaitin ayrılması hesabına başa gəlir. Qiymət artımından isə yalnız 200 milyon manat gəlir götürülür. Sual olunur, onda qiymət artımının mahiyyəti nədədir və onun büdcəyə, dövlətin gəlirlərinə təsiri hansı səviyyədə idi ki, bu addımlar atılırdı? Bu bir daha deyilən rəqəmlərlə reallığın tam şəkildə əkslik təşkil etdiyini ortaya qoyur.
Bu gün enerji daşıyıcılarının qiyməti 300 faiz, maaşlar isə cəmi 25 faiz artıb. Mən keçən il büdcə müzakirə olunarkən burada hökumət nümayəndələrinə bir misal çəkdim. Dedim ki, ət məhsullarının qiymətləri 273 faiz, büdcədən maliyyələşən işçilərin əmək haqları isə cəmi 125 faiz artmışdır. Sual olunur, bunu kim kompensasiya edəcək? Bu gün bazar iqtisadiyyatının tələblərindən danışsaq da, bazarlarda qiymətlərin məcburi qaydada aşağı endirilməsi prosesi gedir. Yanlış bir siyasətdir. Bazar iqtisadiyyatında istənilən məhsulun qiymətini satıcı müəyyən edir. Alıcının xoşuna gəlmirsə, o məhsulu almamalıdır. Bazar iqtisadiyyatı münasibətlərində dövlətin qiymətlərə bu şəkildə müdaxiləsi yolverilməzdir. Yalnız bir halda, yəni məhsulların maya dəyərinin aşağı salınması istiqamətində dövlətin düzgün siyasət yeritməsi nəticəsində bazarda təbii tənzimləməyə yol verilə bilər. Bunların hamısı 2007-ci ilin mart ayında yox, vaxtından əvvəl Milli Məclisdə müzakirə olunmalıdır. Çünki bu sahədə əhalinin hüquqları kifayət qədər pozulur.
Bir misal çəkim. Mənim seçildiyim ərazidə, Şıxlinski küçəsində və Gəncə prospektində 1990-cı ildən məskunlaşdırılsa da, indiyədək istismara qəbul olunmamış dörd bina var. Binalara əhali 1990-cı ildən köçürülüb, indiyə qədər yaşayır. Amma nə qaz çəkilib, nə də orada digər kommunal xidmətlər göstərilir. Bu insanlar yalnız elektrik enerjisindən istifadə edirlər. Dəfələrlə Nazirlər Kabinetinə, Bakı Şəhər İcra Hakimiyyətinə binaların qəbul olunması ilə bağlı məktublarla müraciət etmişəm, lakin binalar istismara qəbul olunmayıb və onların sakinləri burada qeydə alınmayıb. Amma o binalarda faktiki olaraq yüzlərlə ailə yaşayır. Yəni bu tipli məsələləri də nəzərə almağınızı istərdim.
Mən çox istərdim ki, “Siyasi partiyalar haqqında” Qanuna dəyişikliklər müzakirə olunaydı. Çox təəssüflər olsun ki, “Siyasi partiyalar haqqında” Qanun günün tələblərinə cavab verməsə də, bu məsələnin müzakirəsi ləngiyir. Düzdür, bunun Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasına nə dərəcədə aidiyyəti varsa, bizim komissiyaya, yəni İnsan hüquqları daimi komissiyasına da o dərəcədə aidiyyəti var. Amma hesab edirəm ki, bunun da vaxtı var.
“Sərbəst toplaşma azadlığı haqqında” Qanunda bəzi müddəalara dəyişiklik edilməsi və qanundakı boşluqların aradan qaldırılması üçün də biz bu yaz sessiyasının iclaslarında məsələnin müzakirəyə çıxarılmasını istərdik.
Bundan başqa mən çox istərdim ki, yaz sessiyasında Qarabağ danışıqları ilə bağlı müzakirələr açılsın və biz ən azı Xarici İşlər Nazirliyindən Qarabağ problemi ətrafında nələr baş verdiyi haqqında ciddi məlumat alaq. Biz dövlətin bir qoluyuq. Azərbaycan Respublikasının Milli Məclisi dövlət məsuliyyətini icra strukturları ilə bölüşən müstəqil bir orqandır. Necə ola bilər ki, 2001-ci il fevral ayının 23-24-dən bu yana Milli Məclis hələ danışıqlarda hansı proseslərin baş verdiyi barədə ən azı bir məlumat almasın? Mən demirəm ki, bu informasiyanı cəmiyyətə ötürək və ya kütləvi informasiya vasitələrində bunun detalları işıqlandırılsın. Ola bilər ki, danışıqlarda vasitəçi rol oynayan ATƏT-in Minsk qrupu müəyyən nəticələr əldə olunana qədər problemin ictimaiyyətə açıqlanmamasının tərəfdarıdır. Amma biz bununla yanaşı nə edə bilərik? Biz qapalı toplantı keçirib, ən azı səlahiyyətli dövlət qurumu kimi Milli Məclisə də bununla bağlı hesabat verə bilərik. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Jalə xanım, buyurun.
J. Əliyeva. Çox sağ olun, cənab Sədr. Tətildən sonra Məclisin ilk toplantısıdır. Belə hesab edirəm ki, bütün həmkarlarımın ürəyi doludur, hər bir kəs danışmaq istəyir. Mən təklif edərdim ki, hər birimizə danışmaq imkanı verilməsi üçün reqlamenti 5 dəqiqəyə qədər endirək.
Sədrlik edən. Mən bunu təklif etdim, qəbul olunmadı, ona görə reqlament əvvəlkitək 10 dəqiqədir. Davam edirik. Elton Məmmədov.
E. Məmmədov. Mənim də çıxışa yazılmaqda məqsədim Jalə xanımın verdiyi təklifi səsləndirmək idi. Hesab edirəm ki, gündəlikdə duran məsələlər çoxdur. Hamısı da dövlətimiz üçün vacib məsələlərdir. Vaxtımızdan səmərəli istifadə etmək üçün, xahiş edirəm, bu təklifi səsə qoyasınız, qəbul olunarsa, reqlament 5 dəqiqəyə endirilsin. Təşəkkür edirəm.
Sədrlik edən. Onda xahiş edirəm, reqlamentin 5 dəqiqə olmasına münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri  (saat 12.56 dəq.)
Lehinə  76
Əleyhinə  13
Bitərəf  1
Səs vermədi  1
İştirak edir  91
Nəticə: qəbul edildi

Qəbul edildi. Zahid Orucov.
Z. Orucov. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən hər bir parlament üzvünə millətimizin həyatı naminə gördüyü işlərdə uğurlar arzulayır, bütün həmkarlarımı sessiyanın başlanması münasibəti ilə təbrik edirəm!
Qaldıracağım məsələləri çox konkret söyləməli olacağam. Birinci məsələ. Əvvəlki dönəmlərdə yaz sessiyası həmişə martın 1-də başladığından fevral ilə bağlı bəzi məsələlərə toxunmaq imkanı olmurdu. Bilirsiniz ki, 1993-cü ildən sonra ulu öndərin rəhbərliyi zamanında ümummilli miqyasda olan hər bir məsələyə Milli Məclis tərəfindən hüquqi və siyasi qiymət verilib. Bu, əlbəttə ki, bu ətrafda aparılan hər hansı bir diskussiyaya yaxşı mənada nöqtə qoymaq, yəni müsbət mənada müzakirələri aparmaq üçün idi. Lakin bu sırada qalan bircə problem var ki, o da Sumqayıt hadisələridir. Ermənilər uzun zamandan bəri beynəlxalq məkanda Sumqayıt hadisələri üzərində manipulyasiyalar eləməkdə davam edirlər. Xocalı soyqırımının ideologiyasını da buna bağlayır, Dağlıq Qarabağın işğalını da bununla əlaqələndirirlər. Xatırlayırsınızsa, 2000-ci ildə Azərbaycan Avropa Şurasına qəbul olunanda ulu öndərlə Koçaryanın debatları keçirildi və orada da bu məsələyə toxunuldu. Mən hesab edirəm ki, Sumqayıt hadisələrinə qiymət verməyimiz çox yaxşı olardı.
İkinci məsələ Xocalı ilə bağlı olacaq. Bilirsiniz ki, bu hadisənin hüquqi qiyməti 1994-cü ildə verilib və hər il bu məsələlərlə bağlı ictimai-siyasi dinləmələr aparılıb. Bu dinləmələr artıq ənənəvi hal alıb. Yekunda biz hansısa beynəlxalq qurumlara müraciətlər edirik. Mən hesab edirəm ki, əksər müraciətlər gedib ünvanına çatmır. Oqtay müəllim, bizim parlamentə Sizin rəhbərliyiniz dövründə çox yaxşı bir iş olardı ki, indi, Xocalı soyqırımının 15-ci ildönümünə hələ 20-25 gün qalmış bir işçi qrupu yaradılsın. Bəlkə bu istiqamətdə biz fərqli addımlar atmalıyıq, bəlkə hələ ölkə miqyasında görüləcək işlərimiz var, addım-addım onlara doğru getməliyik. Mən çox istərdim ki, bu yöndə addım ataq.
Üçüncü məsələ. Azərbaycanın sovet tarixinin bir hissəsi repressiyalar tarixidir. 1930-cu illərdə bu özünü xüsusilə kütləvi miqyasda göstərib. 1990-cı illərdə bu məsələ daha aktual idi. Təbiidir, bunun əsasları var idi. Bundan sonrakı dövrlərdə bir sıra ölkələr bu məsələyə dəqiq analizlər verərək, o dövrdə kütləvi repressiyalara məruz qalmış ailələrin haqlarının bərpası, reabilitasiyası yönümündə addımlar atdığı təqdirdə biz bu yöndə belə işlər görmədik. Mən hesab edirəm ki, bu sessiyada parlament bu məsələlərə reaksiya verməlidir.
Növbəti məsələ. Parlamentin keçən çağırış dövründə biz dövlət simvollarından Azərbaycan dövlət bayrağı haqqında qanunvericilik hazırladıq. Mən istərdim, dövlət gerbimiz haqqında da belə bir qanunvericilik olsun. Yeri gəlmişkən deyim ki, bu gün hər kəs səkkizguşəli ulduzdan tutmuş digər simvolların hər bir əlamətlərinə öz yanaşması ilə qiymət verməkdədir. Mənə elə gəlir ki, bu olmaz, dövlət rəmzlərinin milli adı, milli qiyməti bir olmalıdır, hər kəs də ona söykənməlidir. Məhz bu yöndə addım atılmalıdır.
Cənab Sədr, mən Əmək Məcəlləsinə dəyişiklik edilməsini istəyirəm. Biz bəlkə də rus ağlının bir məhsulu kimi Azərbaycanda bazar və şənbə günlərinə düşən bayramların növbəti günə keçirilməsi ilə bağlı qərar verdik. Görün nə baş verdi? Yeni ildə Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il bayramını birləşdirərək, bunları 8 gün yalnız evdə qalmaqla qeyd etdik. Hər bir iqtisadiyyatı çökdürmək üçün bundan yaxşı model ola bilməz. Bu qüsurlu beyin məhsulları Rusiyadan və başqa dövlətlərdən bizə də sirayət etdi. Bayram günü əgər təsadüfən şənbə və ya bazar gününə düşürsə, qoy düşsün. Əlavə iki gün də işləməmək dövlətə milyonlarla manat məbləğində ziyan vurur. Cənab Sədr, biz ötən dəfə də bu məsələni qaldırmışdıq.
Parlamentdə, nəhayət ki, tələbə qəbulu ilə də bağlı dinləmələr keçirilməlidir. Parlamentin praktikasında dinləmələr ənənəsinin əsasını qoymalıyıq.
Sədrlik edən. Çox sağ olun. Hörmətli Zahid Orucov, mən tək Sizə yox, ümumən, bir cavab vermək istəyirəm. Biz hər sessiyada iş planını müzakirə edəndə millət vəkilləri tərəfindən burada çox təkliflər səslənir. Biz dəfələrlə xahiş etmişik ki, təkliflərinizi qanun layihəsi şəklində təqdim edin, komissiyalarda baxılsın. Hər dəfə təkrar edirik, çalışmaq lazımdır ki, 5 ay ərzində hansı təkliflər varsa, hazırlanıb verilsin. Keçən dəfə də burada bir sıra məsələlər qaldırıldı. Bir-iki istisnadan başqa, bir məsələ işlənib Milli Məclisin müvafiq komissiyalarına, şöbələrə təhvil verilmədi ki, gündəliyə çıxarılsın. İndi eyni şey təkrar olunur. Siyavuş Novruzov.
S. Novruzov. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də Milli Məclisin yaz sessiyasına təqdim olunmuş qanun layihələrini təqdirəlayiq hesab edirəm və bunların qəbul olunmasının vacibliyini bir daha vurğulayıram.
Burada yenə qiymət islahatı ilə bağlı bəzi məsələlərə toxunuldu, ölkənin iqtisadi inkişafına müxalifətin mövqeyini əks etdirən müəyyən fikirlər deyildi. Nəyə görə bunlar demirlər ki, son üç ildə Azərbaycanda 600-dən artıq məktəb binası tikilib, 2 mindən artıq məktəb binası ən yüksək standartlara uyğun şəkildə təmir olunub, nə qədər xəstəxanalar, Azərbaycanın hər bir bölgəsində ən müasir tələblərə cavab verən diaqnostik mərkəzlər inşa olunub, Azərbaycan xalqının istifadəsinə verilib. Nəyə görə demirlər ki, iqtisadiyyatda, rabitə texnologiyaları sahəsində, digər sahələrdə aparılan islahatlar bu gün ölkənin sürətli inkişafına səbəb olub.
Azərbaycanda elektrik enerjisinin qiyməti axırıncı dəfə 1995-ci ildə qaldırılıb. 1995-ci ildən bu günə qədər 10 ildir ki, Azərbaycanda elektrik enerjisinin qiyməti ilə bağlı heç bir addım atılmır. Nəyə görə bu, qeyd olunmur? Azərbaycanda, bəli, köhnə elektrik stansiyaları var və bu gün onların gücündən tam istifadə oluna bilmir. Buna görə də hörmətli Prezidentimizin göstərişi ilə Azərbaycanın müxtəlif yerlərində yeni modul stansiyalarının tikilməsinə başlanılıbdır. Bu stansiyalardan bəziləri artıq istifadəyə verilib, bir çoxu da yaxın gələcəkdə istifadəyə veriləcək. Bundan sonra orada istifadə olunan yanacaq ehtiyatlarının faizi də aşağı düşəcək. Biz bütün elektrik stansiyalarını bir gündə bağlayıb deyə bilmərik ki, Azərbaycanda bir il işıq olmayacaq, işığı kəsirik, təzə stansiyalar tikirik. Bəli, bu gün biz köhnəni işlətməklə yenisini tikib istifadəyə veririk. Buna da ölkənin imkanları olmalıdır.
Bu cür addımlar ancaq əhalinin xeyrinə atılan addımlardır. Aztəminatlı ailələrdə dövlət tərəfindən hər ailə üzvünə kommunal xərclərlə əlaqədar 5 manatdan artıq pul ayrılıb. Əgər orta hesabla bir ailədə 5 nəfər varsa, bu, artıq 25 manat edir. Dövlət tərəfindən 200 mindən artıq aztəminatlı ailəyə vəsait ayrılıb. Nəyə görə bunlar qeyd olunmur? Mən hesab edirəm ki, aparılan islahatlar düzgündür və bu islahatlar Azərbaycanda davam etdirilməlidir.
Qanunvericilik təşəbbüsü ilə əlaqədar mən bir neçə məsələyə toxunmaq istəyirəm. Burada biz “Siyasi partiyalar haqqında” Qanunla bağlı dəfələrlə məsələ qaldırmışıq. Təbii ki, “Siyasi partiyalar haqqında” Qanun mövcud ictimai-siyasi proseslərə cavab vermir. Yeni qanun layihəsi əgər komissiya tərəfindən hazırlanacaqsa, biz öz köməkliyimizi göstərməyə hazırıq, Prezident tərəfindən göndəriləcəksə, ona da dəstək verməyə hazırıq. Azərbaycanda belə bir qanunun qəbul olunması labüddür. Bu gün siyasi partiya adından, demək olar ki, hər bir vətəndaş danışır. Hərə qoltuğuna bir qovluq vurub, möhür alıb, gündə özündən bir bəyanat verir. Beynəlxalq təşkilatlar da baxır ki, bu, partiyadır. Partiyanın, axı, sistemi var, fəaliyyət istiqaməti var, müxtəlif sahələrdə apardığı işlər var. Partiyanın fəaliyyəti ancaq bəyanat verməkdən, yaxud küçədə mitinq keçirməkdən ibarət deyil. Partiya kadr da hazırlamalıdır, digər addımlar da atmalıdır.
Biz burada hərbi çağırış haqqında qanun qəbul edəndən sonra bizə çoxlu sayda müraciətlər oldu. Himayəsində II qrup əlil olanların ora salınmasına insanlar... Düzdür, burada qeyd olundu ki, bəzi adamlar əlillik barədə sənədi saxta yolla alıblar, amma, həqiqətən, himayəsində II qrup əlil olan adamlar var. O maddəni III qrupa da şamil etsək, daha məqsədəuyğun olar.
Sədrlik edən. Çox sağ olun. İltizam Əkbərli.
İ. Əkbərli. Təşəkkür edirəm. Hesab edirəm, özünə hörmət edən, Azərbaycan dövlətçiliyi haqqında düşünən heç bir şəxs Azərbaycan müxalifəti haqqında bu cür bayağı fikirləri səsləndirməməlidir.
Hörmətli Sədr, hörmətli deputatlar! Mən iki məsələ haqqında danışmaq istəyirəm. Birinci məsələ ölkədə qiymət artımı ilə əlaqədar yaranmış vəziyyətlə bağlıdır. Son qiymət artımının yerlərdə yaratdığı ağır vəziyyəti nəzərinizə çatdırmaq istəyirəm. Qiymət artımı rayonları tamamilə işıqsız qoymuşdur. Əgər biz ay yarım bundan əvvəl bölgədə cəmi 8-9 saat işıq verilməsindən şikayətlənirdiksə, indi bu norma 5 saat yarıma endirilmişdir. Daha dəqiq desək, işıq rayona səhər saat 7-dən 9-a qədər, axşam isə 20-dən 24-ə qədər arada yarım saat söndürülməklə verilir. Günorta, ümumiyyətlə, işıq verilmir. Bu azalma müqabilində abonentlərdən əvvəl yığılan 6 manat əvəzinə indi 18 manat pul tələb edilir.
İşsiz, kasıb insanlar bu pulu verə bilmədiyindən yerlərdə ağlagəlməz tədbirlərə əl atılır. Bu tədbirlər mənə sovet hakimiyyəti dövründə pambıq yığımı zamanı həyata keçirilən tədbirləri xatırladır. Hamınızın yadındadır ki, o vaxtlar nəinki əhali, məmurlar da bu yığıma cəlb edilir və vətəndaş idarələrdə onun şikayətinə baxmalı olan məmurları ancaq axşam saat 9-dan sonra tapa bilirdi. İndi işıq pulunun yığılması ilə bağlı da eyni vəziyyət yaranıb. Rayon icra hakimiyyətinin bütün aparatı, ərazi nümayəndələri polisi də özləri ilə götürərək işıq pulu yığmaqla məşğuldurlar. Təsəvvürünüzə gətirin ki, icra hakiminin bütün müavinləri ayrı-ayrı işlərə təhkim edilib. Sanki yerli icra hakimiyyəti orqanlarının bütün işi işıq pulu yığmaqla məhdudlaşır. Adi bir arayış, o cümlədən ünvanlı sosial yardım almaq üçün bu və ya digər sənədi əldə etmək istəyən insanlar məmurları iş yerlərində günlərlə gözləməli olurlar. Başa düşmək olmur, bu biabırçı metodlarla işıq pulu nə vaxta qədər yığılacaq. Əgər yerlərdə kütləvi işsizlik hökm sürürsə, insanlar özlərini güclə dolandırırsa, işıq pulunu bu qədər artırıb onları hədə-qorxulara, təzyiqlərə məruz qoymaqla biz nəyə nail ola bilərik?
Bu yaxınlarda bir müharibə veteranı onun vəziyyəti barədə parlamentə danışmağı məndən xahiş edib. Ayda 44 manat təqaüd alan, onun 24 manatını işığa, 12 manatını isə qaza verən, qalan 8 manatla ailəsini necə dolandıracağını düşünəndə dəhşətə gəldiyindən şikayət edən bu insan deputatlardan imdad istəyir.
Hörmətli deputatlar, yaşamağın çətinləşdiyi bir vaxtda, gəlin, biz maaş və təqaüdlərə orta hesabla 20-30 manat əlavə etməyi nəzərdə tutan məlum sərəncamlarla özümüzü aldatmayaq. Əvvəla, bu artım ölkə əhalisinin pensiya və dövlət büdcəsindən maaş alan ən çoxu 30 faizini əhatə edəcəkdir və qalan 70 faiz bu artımdan kənarda qalacaqdır. Digər tərəfdən isə maaş və təqaüdlərin bu artımı bundan sonra bahalaşmanı kompensasiya edə bilməyəcəkdir. Qiymətlərin artımından doğan xərcləri yenə vətəndaşlar öz ciblərindən ödəməli olacaqlar. Əgər bu cibdə də bir şey yoxdursa, qiymət artımının ölkədə hansı vəziyyət yaradacağını indidən təsəvvür etmək olar. Mən belə bir radikal qiymət artımına qarşı çıxır və məndən əvvəl verilən təklifə qoşularaq, qiymət artımı ilə əlaqədar ölkədəki vəziyyət barədə hökumətin hesabatının mart ayından əvvəl, yəni fevral ayı ərzində gündəliyə salınmasını təklif edirəm.
İkinci təklifim ölkənin aqrar sektoru ilə əlaqədardır. Təxminən 7-8 ay əvvəl mən pambıqçılıq təsərrüfatında ağır vəziyyətlə əlaqədar çıxış edərək, parlamentin Aqrar siyasət komissiyasının sədri hörmətli Eldar müəllimin diqqətini pambığın satınalma qiyməti ilə maya dəyəri arasındakı fərqə cəlb etməyə çalışmışdım. Qeyd etmişdim ki, dizel yanacağı 2005-ci ildə köhnə manatla 900 manata olanda da, 2006-cı ildə 1800 manata olanda da pambığın satınalma qiyməti 1500 manat saxlanmışdı. O vaxtdan bəri heç bir tədbir görülməməsi nəticəsində vəziyyət daha da ciddiləşmişdir. Başqa sözlə, hazırda dizel yanacağının qiyməti artırılaraq 25 qəpik olsa da, müqavilələr 2007-ci il üçün də əvvəlki qiymətlə, yəni 30 qəpiklə bağlanmışdır. Artıq bütün mütəxəssislər təsdiq edirlər ki, pambığın satınalma qiymətlərinin əvvəlki qaydada saxlanılacağı təqdirdə hətta yanacağın güzəştli qiymətlərlə satılması da pambıqçılığı iflasdan saxlaya bilməyəcəkdir. Çünki xidmət haqları elə həddə çatmışdır ki, yanacaq güzəştlə verilsə belə, pambığın maya dəyərini aşağı salmaq mümkün olmayacaqdır.
Eyni vəziyyət kənd təsərrüfatının digər sahələri üçün də xarakterikdir. Taxılçılıqda vaxtilə 30-40, hətta 50 sentner göstərici ilə fəxr edən fermerlər indi orta məhsuldarlığı 20-25 sentnerdən yuxarı qaldıra bilmirlər. Son vaxtlar taxılın 1 tonunun 100 manata satıldığını, hər hektarın maya dəyərinin isə 200 manatdan 300 manata qədər olduğunu nəzərə alsaq, taxılçılıqdakı hansı rentabellikdən danışmaq olar?
Qiymətlərin bahalaşması, eyni zamanda, əhalinin alıcılıq qabiliyyətinin aşağı olması fermerlərin tərəvəz əkininə də marağını azaltmışdır.
Heyvandarlıq sahəsi 2005-ci ildə bir qədər rentabelli görünürdü. Lakin son vaxtlar...
Sədrlik edən. Elman Məmmədov, sualınız var?
E. Məmmədov. Yenə cari məsələlərdən danışırıq?
Sədrlik edən. Biz, əsasən, qanunvericilik işləri planından danışmalıyıq. Çoxunun ürəyində sözü qalıb, demək istəyir. Qiymət artımı ilə əlaqədar hər cür açıqlamalar, izahatlar verildi. Ancaq opponentlərimiz dediklərini deyirlər. Qoy onlar fikir versinlər, görsünlər, Türkmənistan istisna olmaqla MDB ölkələrindən hansında belə bir qiymət var. Gürcüstanda əmək haqqına və enerji daşıyıcılarının qiymətinə, bizim xoşumuz gəlməyən Ermənistanda enerji daşıyıcılarının qiymətinə baxsınlar. Bazar iqtisadiyyatına keçirik və eyni zamanda, hər cür islahata qarşı çıxmaq istəyirik. Bazar iqtisadiyyatının öz qanunları var. Ona görə xahiş edirəm, bu məsələyə bir az düzgün yanaşaq. Fazil Mustafayev.
F. Mustafayev. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən bu qanunvericilik işləri planında Konstitusiyada nəzərdə tutulmuş qaydada millət vəkilləri tərəfindən təqdim olunacaq qanun layihələrinin müzakirəsi barədə heç bir sözə rast gəlmədim. Bu da o deməkdir ki, Konstitusiyamızın müvafiq maddəsi bizim Məclisdə olduqca əhəmiyyətsiz səviyyəyə gətirilib çıxarılıb. Bir ilə qədər bundan öncə təqdim etdiyimiz 4-5 qanun layihəsi barədə etik cəhətdən belə yanaşmanın şahidi olmadıq, yazılı cavab versinlər ki, sizin bu qanun layihələrinə baxılmayacaq və ya baxılacaqsa, nə vaxt baxılacaq. Hesab edirəm ki, bu olduqca yanlış yanaşmadır və Konstitusiyaya hörmət etməmək mənasına gəlir. Elə bunun nəticəsidir ki, Milli Məclis Sədrinin adından bizə təqdim olunan müvafiq sərəncamda da qətiyyən Konstitusiya, Daxili Nizamnamə və əmək qanunvericiliyi nəzərə alınmadan bizə köməkçilərin hansı şərtlərlə işə götürülməsi və sair barədə əlavə tələblər qoyulur. Bu kimi məsələlərin hamısı bir-biri ilə yüngülvarı bağlıdır. Ona görə də biz Milli Məclisin işini birinci növbədə Konstitusiyanın tələblərinə uyğun qurmalıyıq.
Tarif Şurası ilə bağlı bu mübahisələr ona görə gedir ki, Tarif Şurasının özü də Konstitusiyaya zidd olaraq belə bir qərar çıxarıb. Yəni Nazirlər Kabinetinin sərəncamı ilə yaranan orqan Konstitusiya ilə Nazirlər Kabinetinə verilmiş səlahiyyətləri mənimsəyərək, onun əvəzinə qərar çıxarıb. Biz isə indi belə bir qərara görə artıq kimin məsuliyyət daşıdığını bilməkdə çətinlik çəkirik. Ona görə də bəlkə biz gələcəkdə Nazirlər Kabinetinin hesabatı əvəzinə Tarif Şurasının hesabatını gündəliyə salaq. Hər halda, məncə, bir nazir və 15 nazir müavinindən ibarət olan bir qurum Nazirlər Kabineti adından bu cür islahatların həyata keçirilməsi məsuliyyətini öz üzərinə götürə bilməz. Ona görə də mən hesab edirəm ki, hökumət bu məsələni diqqətdə saxlayacaq.
Mən burada bəzi millət vəkillərinə, Eldar müəllimə, Aydın müəllimə təşəkkür edirəm, çünki müxalifətlə bağlı hər hansı bir məsələyə opponentlik edəndə, həqiqətən, bunu müəyyən rəqəmlərlə etmək daha yaxşıdır. Nə dərəcədə məsələyə uyğundur, uyğun deyil, bunun müzakirəsini mən açmıram. Amma bütövlükdə müxalifətin nümayişə az adam çıxarması, çox adam çıxarması məsələni həll etmir. Bu gün Azərbaycanda yeni bir müxalifət yaranıb. Bu müxalifət korrupsiyadır. “Trans İnterneşnl” təşkilatının verdiyi rəqəmlər bizdə tez-tez inkar olunur. Amma, əslində, biz bunun Milli Məclisdə müzakirəsini aparmalıyıq.
Təsəvvür edin, Dövlət Əmlakını İdarəetmə Komitəsi elan edir ki, ölkədə olan 130 səhmdar cəmiyyətinin daxili nizamnamə kapitalından dövlətə məxsus səhmlərə görə dövlət büdcəsinə 113 min yeni Azərbaycan manatı məbləğində vəsait ayrılıb. Deməli, 130 səhmdar cəmiyyəti dövlətə orta səviyyəli mağazanın mənfəətindən əldə olunan gəlir səviyyəsində vəsait verir. Görün, mənimsəmə nə səviyyədə gedir. Seçici müraciət edir ki, Xırdalanda özəlləşmə məsələləri ilə məşğul olan bir məmur ona ən adi bir qanuni sənəd verməyə görə 1300 dollar pul tələb edir və deyir, yuxarıdan bu məsələ mənə tapşırılıb. Vətəndaş təkcə enerjiyə pul ödəmir ki, belə ödəmələrlə də yoxsul vəziyyətə düşür. Ona görə də Tarif Şurasının qərarı əhalinin real gəlirləri ilə üst-üstə düşmədiyinə görə bu kimi problemlər gündəmə çıxır və Azərbaycan üçün ciddi narahatlıqlar yaradır.
Biz hesab edirik ki, qanunvericilik orqanında bilavasitə deputatların təqdim elədiyi qanun layihələrinə böyük məsuliyyətlə yanaşmaq lazımdır. Mən düşünürəm ki, biz birinci növbədə güc strukturları üzərində parlament nəzarəti mexanizmini əks etdirən qanun layihələrini müzakirəyə çıxarmalıyıq. Bu olduqca vacibdir. Çünki ölkədə baş verən kriminal hadisələrin mahiyyəti də göstərdi ki, heç bir nəzarət olmadığına görə güc strukturları özbaşına fəaliyyət göstərirlər. Bu kimi məsələlərin gələcəkdə müzakirəyə çıxarılması vacibdir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Siz dedinız ki, Milli Məclisə, komissiyaya müraciət eləmisiniz. Tamamilə doğrudur. Ancaq biz gündəliyə hazır qanun layihələrini çıxarırıq. Sizin qanun layihəsinə müvafiq şöbədə və Ziyafət müəllimin komissiyasında baxılır. Hazır olanda çıxarılacaqdır. Bu o demək deyil ki, Konstitusiya qanunu pozulur. Sizin hazırladığınız qanun layihəsi ehkam deyil ki. Sizin verdiyiniz qanun layihəsinə də bir yerdə baxılmalıdır.
F. Mustafayev. Mənə cavab verilmir.
Sədrlik edən. Cavab verilir, veriləcək də. Ona görə də bu pafoslu çıxışları saxlayaq. Mübariz Qurbanlı.
M. Qurbanlı. Təşəkkür edirəm, cənab Sədr. Mən bütün deputatları yaz sessiyasının başlanması münasibəti ilə təbrik edir və onlara işlərində uğurlar arzulayıram!
Əvvəla, qanunvericilik işləri planı ilə bağlı fikirləri demək istəyirəm. Mətbuatda bu planla bağlı bəzi yazılara baxdım. Orada göstərilir ki, parlament yaz sessiyasında 28 qanuna baxacaqdır. Mən təəssüf edirəm ki, mətbuat belə bir məlumat yayır. Əslində, biz yaz sessiyasında 28 qanuna yox, çoxsaylı qanunlara baxacağıq. Çünki qanunvericilik işləri planına Konstitusiyaya görə qanunvericilik təşəbbüsü hüququ olan subyektlərin qanun layihələri daxil edəcəyi istisnasızdır. Sessiya dövründə parlamentə yeni-yeni qanunlar daxil olacaq, o cümlədən deputatlar tərəfindən, yəqin ki, müxtəlif qanun layihələri hazırlanaraq təqdim ediləcəkdir.
Qanunvericilik işləri planı göstərir ki, parlament bu sessiyada da Prezidentin sosial-iqtisadi islahatlar istiqamətində həyata keçirdiyi siyasətə dəstək vermək, eyni zamanda, Azərbaycanda həyata keçirilən iqtisadi islahatları hüquqi baxımdan təmin etmək istiqamətində çox ciddi işlər görəcəkdir. Təqdim olunan qanun layihələri bir daha göstərir ki, burada əsasən iqtisadi xarakterli qanunlara yer verilibdir. Bu da qanunauyğundur, çünki Azərbaycan sürətli sosial inkişaf yolundadır. İstehsalın, ümumi daxili məhsulun artımı, kənd təsərrüfatında gedən müsbət dəyişikliklər Azərbaycanda yeni-yeni qanunların qəbul edilməsini zəruri edir. Bunlar da deputatlardan məsuliyyət tələb edir. Biz seçicilərimizlə görüşürük. Onlar sosial-iqtisadi xarakterli islahatların daha da dərinləşməsi yönündə yeni-yeni qanunların qəbul edilməsini təklif edirlər. Təbii ki, bu cür qanunların qəbul edilməsi qarşımızda qoyulan məqsədə nail olunmasında mühüm rol oynayır.
Təəssüf ki, Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatları, əldə edilən uğurları görməyənlər var. Təəssüf ki, parlamentdə müxalifəti təmsil eləyən bəzi deputatlar da fakta əsaslanmadan ümumi fikirlər söyləməklə ölkədə həyata keçirilən sosial-iqtisadi islahatları gözdən salmağa çalışırlar. Bu, təəssüf doğurur. Çünki parlament məsuliyyətli bir yerdir və burada fikir söyləyərkən mütləq fakta istinad eləmək lazımdır.
Tarif Şurası ilə bağlı fikir səsləndirildi. Tarif Şurası Prezidentin fərmanı ilə Nazirlər Kabinetinin tərkibindən yaradılmış səlahiyyətli bir qurumdur. Onun verdiyi təkliflər və qəbul etdiyi qərarlar qanuna və hüquqa uyğundur. Yanvarın 22-də Nazirlər Kabinetinin toplantısında Prezidentimizin çıxışında biz Tarif Şurasının funksiyası və onun tərəfindən qəbul edilmiş qərarlarla bağlı çox dəlillərə söykənən fikirlər eşitdik. Bu bir daha cəmiyyətə və eyni zamanda, Tarif Şurasının çıxardığı qərarlara qarşı olanlara bir mesaj, fikir aydınlığı gətirmək üçün söylənilən tezis idi. Təəssüf edirəm ki, bu fikirlərdən sonra da bununla bağlı əks fikirlər səsləndirilməkdədir.
Azərbaycanda sosial-iqtisadi islahatların uğurla həyata keçirildiyi hamı tərəfindən etiraf olunmaqdadır, yalnız Azərbaycanda olan müxalifət bunu görməməkdədir. Bu günlərdə televiziya kanallarında müxalifət partiyalarından birinin rəhbəri çıxış edərək deyirdi ki, Azərbaycan hökumətinin proqramı yoxdur, hökumət proqramsız fəaliyyət göstərir. Bunu eşitdikdə insan bilmir ki, nə desin. Bu adamlar ya mətbuatı izləmirlər, ya da, ümumiyyətlə, həqiqətləri görmək istəmirlər. Azərbaycanda Prezidentin sərəncamları ilə sosial-iqtisadi inkişaf proqramları qəbul edilibdir. O cümlədən regionların sosial-iqtisadi inkişaf proqramları vardır. Bu proqramları oxumaq, öyrənmək və görmək lazımdır. Görmürsünüzsə, onda ağ yalan söyləmək lazım deyil.
Burada məsələ qaldırıldı ki, biz parlamentdə Qarabağ məsələsini müzakirə eləyək və sair. Qarabağla əlaqədar danışıqlar hər gün ictimaiyyətə çatdırılır. Yəni kütləvi informasiya vasitələrində Prezidentin apardığı danışıqlarla bağlı geniş məlumatlar verilir, xarici işlər naziri məlumat verir.
Burada söylənildi ki, Tarif Şurasının qərarından sonra informasiya verilməyib. Yeni Azərbaycan Partiyası iki böyük tədbir keçirib, eyni zamanda, İqtisadi İnkişaf Nazirliyi mətbuatda Tarif Şurasının qərarı ilə bağlı böyük açıqlama verib. Bundan artıq nə açıqlama verilməlidir? Ümumiyyətlə, hesab edirəm ki, qanunvericilik işləri planı qəbul edilməlidir.

Azərbaycan  Respublikası  Milli  Məclisi  Sədrinin
birinci  müavini  Z. Əsgərov  sədrlik  edir

Sədrlik edən. Sağ olun. Xanhüseyn Kazımlı.
X. Kazımlı. Çox sağ olun, Ziyafət müəllim. Bu gün biz Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planını müzakirə edirik və bizim bu müzakirələrdə söylədiyimiz fikirlər cəmiyyətimizin rifahı ilə bağlı məsələlərin qanuna uyğun olaraq həll edilməsinə xidmət edir. Ona görə mən də burada hörmətli deputat həmkarlarımın bəzi məsələlərə dair fikirlərinə münasibət bildirmək istəyirəm.
Əvvəla, bazarda bu gün, məsələn, almanın qiyməti 5 faiz artıbsa və bunu hər hansı bir möhtəkir eləyibsə, bunun bu gün burada müzakirəsinə ehtiyac yoxdur. Yox, enerji daşıyıcılarının qiymətinin artması insanların rifahına təsir eləyirsə, mən istərdim ki, bunun izahı verilsin. Ümumi daxili məhsulun artımı 35 faiz, inflyasiya cəmi 8 faiz, əhalinin pul gəlirinin artımı 22 faiz, valyuta ehtiyatları 4 milyard dollar... Bu iqtisadi göstəriciləri istənilən qədər sadalamaq olar. Amma bir məsələ var. Sosial vəziyyətin yaxşılaşdırılmasına yönəldilmiş müxtəlif məqsədyönlü tədbirlərin həyata keçirilməsi, o cümlədən əməkhaqqının və təqaüdlərin artırılması sayəsində əgər biz ölkədə yoxsulluq səviyyəsinin xeyli aşağı salınmasına nail ola bilmişiksə və indi bizdə yoxsullar statistikanın, habelə beynəlxalq qurumların göstərdiyi kimi, cəmi 20 faizdirsə, deməli, burada da bizim müəyyən nailiyyətimiz var.
Dünən Yeni Azərbaycan Partiyasının növbəti bir tədbiri var idi. Geniş bir tədbir idi. Mən orada da dedim. Ümumiyyətlə, Azərbaycan dünyada xalq istehlakı mallarının ən ucuz olduğu ölkələrdən biridir. Biz bunu bilməliyik.
Digər tərəfdən, əgər bizdə yoxsullar cəmi 20 faizdirsə və bu gün sosial istiqamətdə görülən tədbirlər əhalinin 30-40 faizini əhatə edirsə, mən onda deyirəm, yaxşı, ölkədə enerji daşıyıcılarının qiymətlərinin artımı yoxsullara xeyir eləyir, yoxsa varlılara? Mən dünən də dedim, yoxsulun bir lampası varsa, varlının otuz lampası var, yoxsulun bir Zaporojesi varsa, varlının beş Mersedesi var. Burada uduzan varlılar olacaqdır. Dövlətin sosial siyasətində kasıbların maraqlarının müdafiə edilməsi ön planda tutulmuşdur.
Hörmətli deputat həmkarlar, bir neçə kəlmə də mən iş planımız barədə demək istəyirəm. Burada çox haqlı olaraq qeyd olundu, bizim iş planımızda bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər kompleks şəkildə göstərilibdir. İndi burada hörmətli Oqtay müəllim dedi ki, qanun layihələri müvafiq komissiyaya vaxtında yazılı şəkildə təqdim olunmalıdır. Mənim dediyim də indi burada səslənən mübahisəli məsələlərlə əlaqədardır. Uzun müddət biz “Tənzimlənən qiymətlər haqqında” Qanunla əlaqədar fikir mübadiləsi aparmışıq. “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna əlavə və dəyişiklikləri hazırlayıb komissiyaya vermişəm və ümidvaram ki, komissiya da, Milli Məclis də bunu müdafiə edəcəkdir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Xanhüseyn müəllim. Sizin sözünüzə qüvvət, mən, hörmətli deputatlar, öz tərəfimdən bir neçə məsələyə aydınlıq gətirmək istəyirəm. Burada bayaq İqbal Ağazadə çıxış eləyəndə bildirdi ki, bazar iqtisadiyyatı şəraitində dövlət, ümumiyyətlə, qiymətlərə müdaxilə eləyə bilməz. Bəlkə o, təkcə kolxoz bazarını nəzərdə tuturdu? Amma nəzərə almaq lazımdır ki, bazar iqtisadiyyatına müxtəlif sahələr aiddir. Yəni bazar iqtisadiyyatı deyəndə təkcə kənd təsərrüfatı məhsullarını nəzərdə tutmaq lazım deyil. Belə bir ifadə işlətdi ki, ümumiyyətlə, dövlətin bu siyasətə qarışmağa ixtiyarı yoxdur.
Mən sizin nəzərinizə çatdırmağı özümə borc bilirəm ki, biz 2002-ci il iyul ayının 17-də “Tənzimlənən qiymətlər haqqında” Qanun qəbul elədik. O qanunda qiymətlərin dövlət tənzimlənməsi haqqında bir maddə var. Təsəvvür eləyin, əgər bu gün biz bazarda maya dəyərindən qat-qat yuxarı satılan məhsula nəzarət eləməsək, qiymətlər hara qalxar. Dövlət və Tarif Şurası tamamilə düzgün olaraq bazarlarda, – yəni bütün bazarları nəzərdə tuturam, – bu qiymətlərin tənzimlənməsinə nəzarət edir. Belə də olmalıdır. Biz qəbul etdiyimiz qanuna hörmət eləməliyik. Həm də keçid dövründə yaşayan Azərbaycan, əlbəttə, yol verə bilməz ki, camaat bu qiymət islahatından əziyyət çəksin.
Burada elektrik enerjisinin istehsalı ilə bağlı məsələyə də toxunuldu. Avropa ölkələrində elektrik enerjisinin istehsalı təxminən 230-250 qram şərti yanacağa başa gəlir. Azərbaycanda bu, 360-365 qramdır. Niyə? Çünki bizim elektrik enerjisi istehsal edən qurğularımızın əksəriyyəti köhnəlibdir. Bu köhnələn qurğuların yeniləşməsi üçün dövlət nə qədər pul verməli, nə qədər subsidiya ayırmalıdır? Bunu bir il, iki il, üç il eləyər. Amma bu, davamlı ola bilməz axı.
Biz beynəlxalq bazarın tərkib hissəsiyik. Əgər biz bazar iqtisadiyyatına qədəm qoymuşuqsa, iqtisadiyyatımıza artıq başqa prinsipləri tətbiq eləyə bilmərik. Ona görə də qiymət islahatı tamamilə zəruri olan bir məsələdir. Özü də cənab Prezident xüsusilə qeyd elədi ki, biz yol verə bilmərik, əhali qiymət artımından əziyyət çəksin. Cənab Prezident orada bir ifadə işlətdi: “Qiymət artımından dövlət büdcəsinə gələn gəlir 200 milyon dollar təşkil eləyir. Amma pensiyaların və maaşların artımına sərf olunan məbləğ 800 milyon dollardır”. Təsəvvür eləyin, 200 milyon hara, 800 milyon hara?
Belə bir sual meydana çıxır. Əgər dövlət 800 milyon dollar vəsaiti əhaliyə qaytarıb verirsə, onda bu qiymətləri artırmağın nə mənası var? Mənası odur ki, biz xaricdən məhsulu baha qiymətə alıb, camaata su qiymətinə satmaq məcburiyyətində qalırıq. Rusiyadan qaz almadıq, çünki qazın qiymətini 235 dollara qaldırdılar. Amma keçən il o qazı 230 dollara alıb, camaata su qiymətinə satırdıq. Axı, belə olmaz. Bir il, iki il, üç il. Ona görə də danışanda bir az ədalətlə danışmaq lazımdır.
Cənab Prezidentin qeyd elədiyi kimi, dövlət heç zaman yol verməyəcək ki, camaat qiymət artımından əziyyət çəksin. Bilirsiniz ki, cənab Prezident pensiyaların və maaşların artırılması ilə bağlı xüsusi sərəncamlar verdi. Bu, bütövlükdə 800 milyon dollar pul eləyir. Bu da elektrik enerjisinin, qazın, suyun qiymətlərinin qaldırılması ilə bağlı əmələ gələn xərcləri ödəməyə qadir olan bir məbləğdir.
Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir

Sədrlik edən. Şəmsəddin Hacıyev.
Ş. Hacıyev. Çox sağ olun, cənab Sədr. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də sizi yaz sessiyasının başlanması münasibəti ilə təbrik edir, işlərinizdə uğurlar arzulayıram! Artıq qeyd edildi, doğrudan da, yaz sessiyası çox gərgin işlə müşayiət olunacaq. Qanunların qəbul olunması, müzakirə edilməsi nəzərdə tutulur. O cümlədən Elm və təhsil məsələləri komissiyası dörd qanun layihəsinin müzakirəyə çıxarılmasını planlaşdırıb. Bunların arasında ən vacibi Təhsil haqqında qanun layihəsidir. Bu qanun layihəsi üzərində ciddi iş aparılmalıdır. Nəzərinizə çatdırmaq istəyirəm ki, qanun layihəsi tam hazırdır və hörmətli Sədrimizin göstərişi ilə biz onu 60-dan çox ünvana göndərmişik. Bu gün nəzərinizə çatdırmaq istəyirəm ki, bu qanun layihəsi barədə bizə daxil olan rəylərin əksəriyyəti müsbətdir. Lakin orada müəyyən təkliflər var ki, bunları da müzakirə prosesində həll edəcəyik.
Nəyə görə mən bu barədə bir qədər ətraflı danışmaq istəyirəm? Ona görə ki, Təhsil haqqında qanun çərçivə qanundur və təbii ki, bu qanunu qəbul etməsək, komissiyamızda nəzərdə tutulan digər qanunların müzakirəyə çıxarılmasına ehtiyac da qalmayacaq. Ona görə də hörmətli deputatlar, hörmətli Sədr, mən xahiş eləmək istəyirəm ki, bu qanunu biz fevral ayında müzakirəyə çıxaraq.
Elm və elm siyasəti haqqında qanun layihəsi hələ keçən çağırışda təqdim olunub. Lakin keçən il bu sahədə çox ciddi dəyişikliklər baş verib və 2003-cü ildən etibarən ölkəmizdə aparılan sosial-iqtisadi islahatlar və Azərbaycanın inteqrasiya olunduğu Avropa məkanında həmin sahələrin qanunvericilik bazasında olan yeniliklər məcbur eləyir ki, bu sahədə də işlər davam etdirilsin. İşçi qrupu yaradılıb və müzakirəyə çıxarılmış qanun layihəsi, demək olar ki, tamamilə yenidən işlənib.
Ali təhsil haqqında qanun layihəsi üzərində çox ciddi iş gedir və o, artıq 70 faiz hazırdır. Yaşlıların təhsili haqqında qanun layihəsi isə müzakirəyə təqdim olunan variantdadır. Lakin yenə təkrar edirəm, hörmətli deputatlar, əsas məsələ Təhsil haqqında qanun layihəsinin yaxın günlərdə müzakirəyə çıxarılmasıdır. Biz komissiyada bu layihəni iki dəfə müzakirə eləmişik. Bu yaxınlarda onu sonuncu dəfə müzakirə elədik. Bizə daxil olan rəyləri, təklifləri nəzərə alaraq bu qanun layihəsinin son variantını Milli Məclisə təqdim edəcəyik.
O ki qaldı qiymət artımı ilə bağlı, hörmətli Oqtay müəllim, Siz özünüz də bu məsələyə müdaxilə elədiniz. Görünür, iqtisadiyyatla bağlı maarifləndirmə işinə böyük ehtiyac vardır. Bu gün Azərbaycanda mövcud olan iqtisadi inkişaf modeli klassik modellərdən ciddi surətdə fərqlənir. Bəzən belə fikirlər səslənir ki, dövlət, ümumiyyətlə, qiymət siyasətinə qarışmamalı, bunu bazarın ixtiyarına buraxmalı və qiyməti bazar özü tənzimləməlidir. Amma çox təəssüflər olsun ki, burada qanunun mahiyyətini dərindən dərk etmirlər. Klassik modeldə, yəni azad ticarət siyasəti vaxtında qiymətlər, əlbəttə, bazarın öz ixtiyarına buraxılır və buna dövlətin müdaxiləsi olmurdu. Lakin ötən əsrin 30-cu illərində istər müasir nəzəriyyələrdə, – indi mən sizin vaxtınızı almaq istəmirəm, – tamamilə başqa, yəni klassik model...
Sədrlik edən. Xahiş edirəm, bir dəfə demişəm ki, əlavə vaxt verilmir. Fikir aydın oldu. Əli Məsimli.
Ə. Məsimli. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri, hörmətli xanımlar və cənablar! Mən də deyilənlərə qoşulub yaz sessiyasında bütün millət vəkillərinə uğurlu iş arzulayıram. Hesab edirəm ki, yaz sessiyasının qanunvericilik işləri planı kifayət qədər məzmunlu qanunlarla zəngindir. Burada hüquqi, iqtisadi, humanitar xarakterli xeyli qanunlar var. Təkcə təhsil haqqında, eyni zamanda, elm, elmi-texniki siyasətlə bağlı qanunları qeyd eləmək kifayətdir. Bundan başqa, iqtisadi xarakterli xeyli dərəcədə ciddi qanunlar var ki, onların arasında Rəqabət Məcəlləsini xüsusi qeyd eləmək istərdim.
Bununla belə, hesab edirəm ki, qanunvericilik bazasını möhkəmləndirmək və müasir dövrün tələblərinə cavab verən təkmil qanunlar qəbul etməkdən ötrü bir sıra əlavə addımların atılmasına ehtiyac var. Artıq keçdiyimiz yolun təcrübəsi göstərir ki, ilk növbədə normativ aktlar arasında ziddiyyətlərin, qanun boşluqlarının aradan qaldırılması istiqamətində işlər görülməlidir.
İlk addım kimi şərti maliyyə vahidindən birdəfəlik qurtarmaq lazımdır. Hesab edirəm ki, bir ölkənin qanununda meyar kimi bir neçə göstərici ola bilməz. Ona görə təklif edirik ki, bir komissiya yaradılsın, şərti maliyyə vahidi ya 1 manata endirilsin, ya da mütləq rəqəmlərlə ifadə olunsun.
İkinci məsələ. Hörmətli Sədr, biz deputat həmkarım Vahid Əhmədovla birgə bir sıra təkliflər hazırlayıb, plana salmaq üçün Sizə müraciət edirik. Yazılı surətdə Sizə çatdırılacaq. Qısa surətdə həmin məqamları qeyd eləmək istəyirəm. İlk növbədə burada olan mübahisələrə mən başqa kontekstdən yanaşmaq istəyirəm. O mübahisələr irəliyə doğru hansısa addım atmağa imkan verirmi? 1993-cü ildə ondan da sərt formada atılan addımın müəlliflərindən biri kimi qeyd eləmək istəyirəm ki, burada xeyli dərəcədə çatışmayan məqamlar var. Həmin məqamları aradan qaldırmaq üçün bu formada mübahisələr yox, çox konstruktiv şəkildə işlərin görülməsinə böyük ehtiyac var. Bizim ikinci qrup təkliflərimiz məhz həmin konstruktiv istiqamətdə işlərin görülməsidir.
Əgər bu gün Azərbaycanda kənd təsərrüfatı istehsalının artım tempi sənayenin artım tempindən 40 dəfə, ərzaq istehsalının artım tempi sənayenin artım tempindən 12 dəfə geri qalırsa, deməli, Vergi Məcəlləsində ciddi dəyişikliklərin edilməsinə ehtiyac var. Biz də 106-cı maddəyə dəyişikliklər edilməsi istiqamətində fikrimizi bildirmişik.
İkinci ciddi məsələ ondan ibarətdir ki, Azərbaycan adambaşına düşən ümumi daxili məhsul istehsalına görə artıq böhrandan əvvəlki dövrə çatsa da, minimum əməkhaqqı hələ ona çatmayıb. Ona görə təklif edirik ki, həmin aşağı təbəqənin, xüsusilə büdcədən maliyyələşən təşkilatlarda əməkhaqqından tutmalar 50 manatdan yox, o dövrdə olan 70 manatdan tutulsun. Hesab edirəm ki, bu, bilavasitə aztəminatlı təbəqələrin güzəranının pisləşməsinin qarşısının alınması üçün ciddi addımdır.
Kim nə deyir desin, son qiymət artımları orta təbəqəyə də təsir göstərir. Ona görə də biz hesab edirik ki, Vergi Məcəlləsində orta təbəqənin gəlirlərinin 1000 manatdan yox, 2000 manatdan hesablanması bütövlükdə orta təbəqənin özünə gəlməsi və onun gəlirlərinin çox hissəsinin özündə qalması istiqamətində ciddi addımdır.
Bu istiqamətdə, hörmətli Sədr, bizim 8 təklifimiz var. Bir nüsxəsini Sizə göndəririk. Bir də təkrar edirəm ki, bu təkliflər Əli Məsimli və Vahid Əhmədovun birgə hazırladığı təkliflərdir. Həmin təkliflərin reallaşdırılması indi mübahisə obyekti olan məsələlərin müəyyən dərəcədə yumşaldılması və irəliyə doğru addımın atılmasında mühüm rol oynamış olar. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, Əli müəllim. Sabir Rüstəmxanlı.
S. Rüstəmxanlı. Hörmətli Məclis, hörmətli Sədr! Bu gün müzakirə olunan yaz sessiyasının qanunvericilik işləri planı, doğrudan da, bir sıra dəyərli qanunları əhatə edir. Xüsusən Dövlət qulluqçularının etik davranış Kodeksi haqqında, Əldə olunmuş gəlirlərin leqallaşdırılması haqqında, Təhsil haqqında qanun layihələrinin, nəhayət, müzakirəyə çıxarılmasını mən bu qanunvericilik işləri planının çox uğurlu tərəfləri hesab edirəm. Güman edirəm ki, biz həmin qanunları qəbul eləməklə indiki həyatımızda bir sıra boşluqları doldura bilərik.
Amma mən, ümumiyyətlə, bugünkü çıxışımdan əvvəlki müzakirələr haqqında bir neçə kəlmə demək istəyirəm. Çox təəssüf ki, Azərbaycan Milli Məclisi hələ bir xəstəlikdən xilas ola bilməyib. Bu da millət vəkillərinin bir-birinə qarşı olan dözümsüzlüyüdür. Yəni xalqın seçdiyi millət vəkilinin hər hansı məsələ barədə öz fikrini ifadə eləmək səlahiyyəti var və bu səlahiyyəti digər millət vəkili onun əlindən almağa çalışır. Hər hansı millət vəkili yanlış da deyə bilər, mübahisəli söz də deyə bilər. Biri qiymət islahatı adlandırır, biri qiymət artımı adlandırır. Belə bir hadisə baş veribsə, əhalinin müəyyən bir hissəsi ya bunu başa düşməyərəkdən, ya da mənasını başa düşərəkdən bu məsələdən narahatdırsa və onu təmsil eləyən millət vəkili burada sözünü deyirsə, digər millət vəkillərinin bunu çox sərt şəkildə nizə ilə qarşılamağını mən başa düşə bilmirəm. Hər kəsin söz demək imkanı olmalıdır və buna dözümlü yanaşmalıyıq.
Bu gün mən baxdım, bir sıra millət vəkilləri çıxışlara çox çevikliklə qabaqcadan yazıldılar ki, başqaları söz deyə bilməsinlər. Biz elə belə rəy formalaşdıraq ki, hər şey qaydasındadır, hər şey xalqın istəyi ilə həll olunub. “Xalqın istəyi” sözləri mənim yadıma Molla Nəsrəddin lətifəsini saldı. Molla Nəsrəddinin yaşadığı kəndə dövlət tərəfindən bir fil göndərilir. Camaat deyir ki, bu fil bizi məhv edəcək, padşahdan xahiş eləyək ki, bu fili kənddən götürsün. Molla deyir, yaxşı, siz də mənə qoşulun, gedək. Amma gedib padşah sarayına çatanda molla görür ki, kənddən bir adam qalmayıb, özü tək qalıb. Girir saraya, padşah soruşur, nə istəyirsən? Deyir, padşah sağ olsun, bizim kəndə bir fil göndərmisiniz, o darıxır, xahiş edirəm, onun ikincisini də göndərin. Çıxanda, camaat deyir, nə oldu, deyir, yaxşı oldu, bir idi, ikincisi gələcək. Bu gün Milli Məclisin deputatlarının bəzi çıxışları belə bir əhvali-ruhiyyə doğurur ki, yəni qiymət artımı xırda bir şeydir, gəlin, iki-üç dəfə də artıraq, onda bizim millətimizin arzusu yerinə yetmiş olacaq.
Mən başa düşürəm, bazar iqtisadiyyatı hər şeyi tənzimləyir, amma bizdə, ümumiyyətlə, bazar varmı? Bazar da bir dəstə insanın əlindədir. Əgər bu gün enerji daşıyıcılarının qiyməti xalqa çatmırsa, bu harada itir? Biz bunu düşünməliyik. Mən inanıram ki, camaatın böyük bir hissəsi enerji daşıyıcılarının haqqını vaxtında ödəyir. Amma bizim xalqla, əhali ilə dövlət kassası arasında elə bir bataqlıq var ki, o bataqlıqdan pul gəlib dövlət kassasına çatmır. İlk növbədə həmin bataqlığı aradan qaldırmaq lazımdır. İşıq pullarını kimlər yığır, qaz pullarını kimlər yığır, vergiləri kimlər yığır, nə şəkildə yığır və bu pullar hara gedir? Dövlətin cibinə gələndən əlavə hansı ciblərə gedir? Əgər bu məsələlər həll olunsaydı, Milli Məclis, digər dövlət orqanları bununla ciddi məşğul olsaydılar, bir sıra məsələlər, məncə, vaxtında həll oluna bilərdi.
İkinci bir məsələ, deyək ki, enerji daşıyıcılarının qiyməti artıb. Mən Bakıda İnqilab küçəsində yaşayıram. İyirmi gündür, bu qiymət artımından sonra gecə saat 1-dən səhər saat 7-yə kimi işıq yoxdur. Bunlar hamısı millətin xeyrinədirsə, indi nəyə görə gündən-günə camaatın qazla, işıqla təminatı pisləşir? Burada hamı maya dəyərindən danışır. Mən, ümumiyyətlə, bilmirəm, Azərbaycanda elə bir orqan varmı ki, hesablasın, görək, bazarda satılan almanın qiyməti neçəyədir və necə olur ki, biz öz kənd təsərrüfatımızın istehsal edə biləcəyi malların əvəzinə xarici malları bazarımıza doldurmaqla Azərbaycan kəndçisini son dərəcə ağır bir günə qoyuruq. Ona görə də mən hesab edirəm ki, bu gün Azərbaycanda ən ciddi...
Sədrlik edən. Çox sağ olun. Pənah Hüseyn.
P. Hüseyn. Təşəkkür edirəm. Mən əvvəlcə başqa bir çıxış fikirləşmişdim, amma çıxışımı təbriklə başlayıram. Çünki mən bir ildir, Milli Məclisin işində iştirak edirəm və müxalifət haqqında bugünkü qədər fikir söylənilməsinə, onun tənqid olunmasına, söyülməsinə rast gəlməmişdim. Bu onu göstərir ki, bəzilərinin dediklərindən fərqli olaraq Azərbaycanda müxalifət var, çünki olmayan şey barədə burada əvvəlcədən hazırlanmış çıxışlar olmazdı. Bu onu göstərir ki, müxalifət doğru yoldadır. Bu onu göstərir ki, hörmətli Milli Məclis, siz haqlı olaraq narahatsınız. Çünki dövlət büdcəsinin müzakirəsi zamanı olan çıxışlarda, mətbuatda etdiyimiz çıxışlarda demişdik ki, müxalifətin xüsusi olaraq Azərbaycan cəmiyyətini, Azərbaycan camaatını iqtidar əleyhinə narazılıq üzərində kökləməyinə artıq ehtiyac qalmayıb. Çünki hal-hazırda İqtisadi İnkişaf Nazirliyinin, Maliyyə Nazirliyinin yeritdiyi iqtisadi siyasət, büdcə siyasəti bunu çox böyük effekt və keyfiyyətlə əvəz edir. Siz, hörmətli Yeni Azərbaycan Partiyasının üzvləri və buradakı iqtidar nümayəndələri, mən çox demirəm, ən yaxın 3 ildə bunun nəticələrini görəcəksiniz.
Konkret olaraq. Burada çox hörmətli iqtisadçılarımız çıxış edir və guya qiymət artımının əhalinin aztəminatlı hissəsi üçün kompensasiya edilməsi istiqamətində görülən tədbirlərdən danışır. Amma hörmətli deputatlar, həmin tədbirləri biz dövlət büdcəsini qəbul edərkən 2006-cı il üçün əhalinin sosial-iqtisadi inkişaf tədbirləri kimi nəzərdə tutmuşduq. Burada qeyd olunan həmin artımların hamısı büdcənin konkret maddələrində, paraqraflarında nəzərdə tutulmuşdu. Ona görə də bunu, – bir daha təkrar edirəm, – qiymət artımını kompensasiya edən tədbirlər kimi qələmə vermək, üzr istəyirəm, ya savadsızlıqdır, ya da bilə-bilə çətin vəziyyətdən bəhanə ilə çıxış yolları aramaqdır.
Orta dönəmdə və uzaq perspektivdə bu islahat deyilən qiymət artımının hansı nəticələr verməsi burada diskussiya mövzusu ola bilər. Proqnozlar söylənə bilər, amma bu gün həmin o islahat deyilən bahalaşmanın hansı nəticələrə gətirib çıxardığı göz qabağındadır. Mənim seçicilərim gün ərzində 9 saat işıq alırdılarsa, bu qiymət islahatından sonra 3 saat yarımdan 5 saat yarıma qədər işıq alırlar. Mənim seçicim 9 saata görə ödədiyi haqdan üç dəfə və daha artıq pul ödəməyə məcbur edilir. Biz bazar iqtisadiyyatından danışırıq. Hansı bazar iqtisadiyyatından danışırsınız? İcra hakimiyyəti polis vasitəsi ilə, prokurorluq işçisi vasitəsi ilə, hüquq mühafizə orqanları vasitəsi ilə qapı-qapı düşüb pul yığmaqla məşğuldur. Bu adamlar qapılara öz xoşları ilə düşmür, bu adamlar da əziyyət çəkən bir pillədir. İcra başçısı, bələdiyyə – hamısı pul yığmaqla məşğuldur. Bizim kəndə, məsələn, Mədəniyyət şöbəsinin müdiri təhkim olunub. Siz elə bir vəziyyətə gətirib çıxarmısınız ki, ölkənin sosial-iqtisadi inkişafını idarə eləyən hakimiyyət orqanından pul yığan bir quruma çevrilmisiniz. Hamı pul yığmaqla məşğuldur, hamı işıq pulu, qaz pulu, su pulu yığır. Aparılan islahatın konkret nəticəsi bundan ibarətdir.
Hörmətli Oqtay müəllim başda olmaqla, deputatların hər birini onların öz dairələrindəki seçicilərlə görüşə dəvət edirəm. Mən də orada olum. Orada əgər xalq bu siyasəti dəstəkləyərsə, biz burada sizdən üzr istəyib, yanlış olduğumuzu deyərik. Heç uzağa getmək lazım deyil. Oqtay müəllim Abşeron rayonundan seçilib. Bakıdan seçilən deputatların seçiciləri ilə görüşə gedək. Bizi də dəvət eləyin, jurnalistləri də dəvət eləyin. Onda xalqın bu siyasəti dəstəkləyib-dəstəkləmədiyini də, xalqın hansı vəziyyətdə, hansı gündə olduğunu da görərsiniz.
Söhbət təkcə yoxsul təbəqədən getmir. Söhbət müəyyən istehsalla məşğul olan orta təbəqədən, əhalinin əksəriyyətini təşkil edən istehsalçıdan gedir. Burada bir elmlər doktoru deyir ki, almanın qiyməti 5 faiz arta bilər. Alma hələ 5 aydan sonra çiçəkləyəcək. Alma satan bu gün artan bahalığı nə ilə təmin eləməlidir? Təbii ki, kimin nəyə imkanı varsa, ondan istifadə eləməli, malının qiymətini, işinin qiymətini artırmalıdır.
Ona görə mən də burada söylənən fikirlərə qoşuluram. Tarif Şurası, bütövlükdə hökumət ən yaxın günlərdə burada hesabat verməlidir. Bu hökumətə etimad məsələsi müzakirə olunmalıdır. Müsavat deputat qrupu adından xalqa bu cür zidd olan siyasət yürüdən hökumətə istefa tələb edirik. Təşəkkür edirəm.
Sədrlik edən. Bir dəqiqə, xahiş edirəm. Mən sizin xalqın gözü və tərəzisi olduğunuzu bilmirdim. Onu indi bildim. İkinci də ki, mən gördüm, siz çox söz istəyirsiniz, məsəli sizdən uzaq, qara qızın dərdi varmış. Siz istefa tələb edirsiniz. Vaxtilə bir rəng seçdiniz, indi aranjeman yazırsınız, Allah qismət eləsə, bir azdan sponsor taparsınız, bir klip də çəkdirərsiniz. Mən də deyirəm axı, Pənah bəy niyə özünü öldürür, sən demə, hökumətin istefasını istəyir. Buyurun, Bahar xanım.
B. Muradova. Təşəkkür edirəm, cənab Sədr. Çoxdan, bir aya qədər gedən müzakirələrin, narahatlıqların, hansı məhsulun qiymətini kim müəyyən edəcək kimi sualların cavabını mən Pənah Hüseynin çıxışında tapdım. Bütün alma, armud, nar satanlara müraciət edirəm, onlar məhsullarının qiymətlərini Pənah Hüseyndən öyrənsinlər ki, bu gün hansı qiymətə satılmalıdır.
Mən Azərbaycanda gedən bütün islahatların və onun tərkib hissəsi olan son qiymət islahatlarının çox vacib və səmərəli bir addım olduğunu söyləyən millət vəkillərinin fikirlərinə qoşuluram. Azərbaycanda gedən bütün iqtisadi, ictimai, siyasi proseslərin məzmunu, mahiyyəti yalnız Yeni Azərbaycan Partiyasına, onun rəhbərinə və onun iqtidarına aiddir. Bu faktı da qəbul etməlisiniz. Buna görə mənim də təbriklərimi qəbul edin. Azərbaycanda gedən bütün iqtisadi, ictimai, siyasi islahatların nəticələri də və bu nəticələri inkar etmək, qəbul etməmək istiqamətində göstərilən cəhdlərin səmərəsizliyi də göz önündədir. Azərbaycan iqtidarının proqramla, konsepsiya ilə işlədiyinin bir sübutu da qiymət artımına qədər Azərbaycan büdcəsində bu kimi sosial yönümlü addımların və iqtisadiyyatın inkişafına təkan verən tədbirlərin nəzərdə tutulmasıdır. Bütün bunlar qiymət artımının zərərli təsirini aradan qaldırmaq üçün hökumət tərəfindən əvvəlcədən düşünülmüş məqsədyönlü bir planın tərkib hissəsidir.
Burada çıxış edən bir sıra millət vəkilləri, elə buna qədər Azərbaycan mətbuatında bu islahatla bağlı fikirlərini bildirən və əks ictimai-siyasi düşərgədə olan deputatlar bunu daha çox seçicilərin, Azərbaycan vətəndaşlarının həyatını nəzərdə tutaraq söylədiklərini bildirirdilər. Halbuki bu gün hər bir millət vəkili konkret bir dairəni təmsil edir və məhdud sayda seçiciyə malikdir. Onu da nəzərə alaq ki, o millət vəkilinə də seçicilərin hamısı səs verməyib, müəyyən qismi səs verib. Amma heç kəs bunu yada salmır ki, bizim hamımızın seçiciləri bütövlükdə Azərbaycan Prezidentinin seçicisi deməkdir. Necə ola bilər ki, biz o seçicinin mənafeyini düşünürük, bu gün Azərbaycanı idarə etmək sükanını əlində saxlayan və onu çox uğurla idarə edən, həm ölkə daxilində, həm də ölkə xaricində Azərbaycanın mənafeyinə uyğun çox ciddi addımlar atan və bunun da konkret nəticəsini öz həyatımızda hiss etdiyimiz bir şəxs – ölkə Prezidenti öz seçicisinin mənafeyini düşünmür? Bu qədər gülünc, bu qədər absurd fikir söyləmək olmaz axı. Nəzərə də alsaq ki, qarşıda Prezident seçkiləri dayanır, hələ bizim seçkilərimizə xeyli var, bu gündən seçici rəyinin formalaşdırılmasına xidmət edən çıxışları bir kənara qoyub, doğrudan da, həmin seçicinin mənafeyinə xidmət edən addımlara düzgün və obyektiv qiymət verməyi bacarmaq lazımdır. Mən öz həmkarlarımdan bunu xahiş edirəm.
Mən istəyirəm ki, “Azərbaycan vətəndaşları bu qiymət islahatını, həyata keçirilən bu tədbirləri qəbul edir və dəstəkləyir” fikrini kor-koranə dəstəkləmək kimi qəbul etməyəsiniz. Çünki dəstəkləmək üçün əvvəlcə dərk etmək, qəbul etmək lazımdır. Kor-koranə dəstəkləmək bəzi meydanlarda keçirilən mitinqlərdə olur. Çünki oraya adamlar müəyyən xırda maraqlarının ödənilməsi şərti ilə gəlirlər. Amma onlar da gəlib görəndə ki, müdafiə etməli olduqları fikirlər onların hansısa xırda maraqlarına hesablanmış maddiyyəti ödəmir, dəstəkləməkdən vaz keçirlər. Yəni bu elə ötəri bir hadisə olur. Ona görə də bu sosial baza ilə uzun illər Azərbaycan iqtidarında olacaq Yeni Azərbaycan Partiyasının sosial bazası arasında dərin bir uçurum olduğunu dərk etməli və qəbul etməlisiniz.
Burada sual səsləndi ki, nəyə görə ayrı-ayrı sahələrə qiymət artımını xeyli üstələyən subsidiyalar verilir. Mən iqtisadçı olmasam da, həm icra orqanlarında hökumətin iqtisadi siyasətini həyata keçirən, həm də parlamentdə bu islahatların vacibliyini dərk edib ictimaiyyətə şərh edən iqtisadçılardan bunu çox yaxşı öyrənmişəm. Bu subsidiya Azərbaycanın həm varlı, həm kasıb, həm də orta təbəqəsinə yönəlməli deyildi, bu kimi addımlardan daha çox zərər çəkən təbəqəyə yönəldilməli idi. Ona görə Azərbaycan hökuməti qiymət artımını qat-qat üstələyən bu subsidiyalara gedir ki, o öz gəlirini, maddi rifahını daha artıq yüksəltmək imkanına malik olan varlılara yox, məhz ehtiyacı olan təbəqəyə yönəlsin. Bu fərqi də anlamalısınız və qəbul etməlisiniz.
Burada fikir səsləndi ki, guya çıxışlara kimlərsə əvvəlcədən yazılıb. Mən sizi əmin edirəm, bizim hər birimizin qarşısında olan BOSH firmasının avadanlıqları imkan vermir ki, çıxış etmək istəyənlərin siyahısına burada kimsə əvvəlcədən yazılsın. Bu şəkildə düşünmək bütövlükdə elmi-texniki inkişafı qəbul etməmək deməkdir. Fikir səsləndi ki, bir neçə nəfər əvvəlcədən yazılıb “hər şey yaxşıdır, hər şey qaydasındadır” fikrini təbliğ etməyə çalışır. Amma biz hamımız şahidik ki, parlamentdə düymə basmaq elmini digərlərindən daha yaxşı mənimsəyənlər hər dəfə “heç nə qaydasında deyil, hər şey pisdir” fikrini yaratmağa çalışıblar və elə biliblər ki, onların yaratmaq istədikləri bu təsəvvürü Azərbaycan vətəndaşları qəbul edir. Belə deyil, cənablar.
Nəhayət, müxalifət cəbhəsində də zəruri dəyişikliklərin zamanı çatıb. Necə ki, sizin həmkarlarınız artıq bunu etməkdədirlər. Bu gün Azərbaycanda konstruktiv meyilli müxalifət meydana gəlir. Bəli, bu gün müxalifət yetişir. Amma onun adı korrupsiya deyil, narazı Azərbaycan xalqı da deyil. Onun adı konstruktiv Azərbaycan müxalifətidir. Bizim hər birimiz çox qısa zaman kəsiyindən sonra onun cəmiyyətdə daha fəal rol oynadığının şahidi olacağıq. Çünki siz qəbul etməsəniz də, bu gün Azərbaycan müxalifətində daha radikal görünənlər artıq radikallığın səmərəsiz olduğunu anlayır və Azərbaycan iqtidarını yox, onun siyasətini dəyişməyə kömək etmək fikrində olduqlarını söyləyirlər. Bu çox yaxşıdır. Biz bunu təbii və inkişafın nəticəsi kimi qəbul edirik. Bizim istədiyimiz də elə o idi ki, güclü Azərbaycan iqtidarının konstruktiv və ictimai-siyasi prosesləri düzgün qiymətləndirib, düzgün nəticə çıxarmağı bacaran opponenti olsun. Biz güclü opponent istəyirik. Yəni populizmə, xırda meyillərə, məhz kənd təsərrüfatı bazarına hesablanmış fikirlər söyləyənlər bizə lazım deyil. Azərbaycan iqtidarının onu arxayınlaşmağa qoymayan konstruktiv müxalifətə ehtiyacı var.
Seçicilərlə görüş təklif edirsiniz. Mən yenə deyirəm. Bizim hər birimizin seçicisi həm də ölkə Prezidentinin seçicisidir. Mən burada öz seçicisi ilə ölkə Prezidenti qədər görüşən millət vəkili tanımıram. Kim isə öz kəndində öz qohum-qonşusu ilə, daha çox özünə yaxın adamlarla görüşür və elə bilir ki, bütün Sabirabad belə düşünür. Elə deyil! Azərbaycan Respublikası Prezidentinin görüşləri xalqa televiziya ilə göstərilir, mətbuatda işıqlandırılır və orada ölkə Prezidenti istənilən problemi bizim hər birimizdən daha yaxşı, daha peşəkarcasına ortaya qoyur, onun yaranması səbəblərini işıqlandırır və aradan qaldırılmasının yollarını göstərir. Mən çox istərdim ki, ölkə Prezidentinin keçirdiyi bu görüşlərdə millət vəkilləri də iştirak edib, seçicilərlə necə görüşməli, məsələyə necə yanaşmalı olduqlarını ondan öyrənsinlər. Hesab edirəm ki, ölkə Prezidentinin bu il yanvarın 22-də keçirdiyi müşavirədə çıxışı və onun məsələlərə yanaşması bizim hər birimizə örnək olmalı və hər birimiz bundan öyrənməliyik.
Cənablar, həmkarlarım, mənim əzizlərim, tarix, zaman bizə şans verib. Biz xalqın 125 nəfər seçilmişlərindən biriyik. Prezidenti də onun üzərinə gəlsək, ölkədə 126 nəfər seçilir. Biz seçilmişiksə, seçilməyimizə layiq olmalı, o etimadı doğrultmalı, bu 5 ildə nəsə öyrənməli, əxz etməliyik. Mən ən azı bir millət vəkili üçün ayrılmış bu 5 ili nəzərdə tuturam. Xalq bizim millət vəkili mandatını əlimizə aldığımız zamandan o mandatı təhvil vermək zamanına qədər inkişafda olduğumuzu görməlidir. Görməsə, 5 il sonra bizə səs verməyəcək.
Mən hesab edirəm ki, qanunvericilik işləri planına daxil olan qanun layihələri bizim hər birimizi və Azərbaycan vətəndaşlarını narahat edən məsələlərlə bağlıdır. Biz onları yaz sessiyasında səmərəli şəkildə işləyib qəbul etməliyik. Mən sizin hər birinizə yaz sessiyasının işində uğurlar arzulayıram. Arzu eləyirəm ki, hər birimiz bizə məlum olmayan problemi əvvəlcə dərk eləyək, sonra ona münasibət bildirək. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Hörmətli millət vəkilləri, iclasımızın birinci yarısı qurtardı. Biz hələ gündəliyin birinci məsələsindəyik. Mən təklif edirəm ki, çıxış üçün təkid eləyən yoxdursa, birinci məsələni səsə qoyaq. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 14.06 dəq.)
Lehinə  90
Əleyhinə  0
Bitərəf  1
Səs vermədi  3
İştirak edir  94
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul olundu. Fasilə elan edilir.

(FASİLƏDƏN  SONRA)

Sədrlik edən. Hörmətli millət vəkilləri, iclasımızı davam etdiririk. Milli Məclisin Daxili Nizamnaməsinin tələblərinə əsasən hər il yaz sessiyasının birinci iclasında İntizam komissiyası və Hesablayıcı komissiya yenidən təşkil edilir. Komissiyaların tərkibləri haqqında layihələr sizə paylanıb. Əlavə təklif verilmədiyinə görə, hesab edirəm, komissiyaların tərkiblərini bir-bir səsə qoyub qəbul etmək olar. Etiraz yoxdur? Başqa təklif yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Pənah bəy, tərkib birinci iclasda 7 nəfər müəyyən olunub. Sizin dediyinizi qəbul etsək, biz kimisə oradan çıxarmalıyıq. Ona görə mən dedim, başqa təklif yoxdursa.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Jalə Əliyevanın sualı var.
J. Əliyeva. Çox sağ olun, cənab Sədr. Mənim, əslində, sualım yox, günortadan əvvəl müzakirə etdiyimiz 2007-ci il yaz sessiyasının qanunvericilik işləri planı ilə əlaqədar bir neçə fikrim var. İcazə versəniz, mən onları həmkarlarımın diqqətinə çatdıraram. Bayaq hörmətli həmkarlarımın bir çoxu plandan çox cari məsələlər haqqında danışdılar. Məncə, qanunvericilik işləri planına daxil edilməsi lazım olan məsələlər haqqında danışılsaydı, daha düzgün olardı. 2-3 dəqiqə vaxtınızı alacağam.
Bildiyiniz kimi, yaz sessiyasının qanunvericilik işləri planında Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydaları haqqında əsasnamə nəzərdə tutulmuşdur. Bu gün on minlərlə Azərbaycan vətəndaşı dünyanın bir çox yerlərində – Rusiya Federasiyasında, MDB-nin digər dövlətlərində, Türkiyədə, İranda və sair ölkələrdə yaşayır. Onların bu ölkələrdə yaşaması müxtəlif səbəblərlə bağlıdır. Bəziləri təhsil alır, digərləri biznes fəaliyyəti ilə məşğul olur, bir başqaları müqavilə ilə işləyirlər. Bu vətəndaşlara Azərbaycan dövlətinin qayğısını hiss etdirmək üçün onlarla konsulluqlarımız arasında hüquqi münasibətlər günün tələbləri səviyyəsində qurulmalıdır. Belə ki, xaricdə yaşayan Azərbaycan vətəndaşları vətəndaş pasportlarının səhifələrindən tam istifadə olunmamasına baxmayaraq, etibarlılıq müddəti bitdiyi üçün pasportları dəyişdirmək məcburiyyəti qarşısında qalaraq ölkəyə qayıtmalı olur və bununla əlaqədar bir çox çətinliklərlə üzləşirlər.
Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin 38-ci maddəsinə əsasən konsula xaricdə yaşayan Azərbaycan vətəndaşlarına pasport və ölkəyə qayıtmaq haqqında şəhadətnamə vermək hüququ müəyyən edilsə də, “Ölkədən getmək və ölkəyə gəlmək haqqında” Azərbaycan Respublikası Qanununda konsul tərəfindən yerlərdə Azərbaycan Respublikası vətəndaşlarına pasportların verilməsi nəzərdə tutulmamışdır. Ona görə də mən təklif edərdim ki, həmin qanuna müvafiq dəyişikliklər edilsin və konsulun Azərbaycan Respublikası vətəndaşlarına pasport verməsi qanunvericilikdə təsbit olunsun. Bununla bağlı müvafiq qanun layihəsi hazırlanaraq Milli Məclisin iş planına daxil edilsin. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Jalə xanım, mən ona görə dedim ki, təklifləriniz varsa, yazılı surətdə verin.
J. Əliyeva. Mən bu təklifi bir az bundan əvvəl yazılı şəkildə də vermişəm. Çox sağ olun, Oqtay müəllim.
Sədrlik edən. Qənirə Paşayevanın ikinci məsələ ilə əlaqədar sualı var, ya çıxış etmək istəyir?
Q. Paşayeva. Oqtay müəllim, mən çox istərdim ki, komissiya sədrləri 2007-ci il yaz sessiyasının qanunvericilik işləri planı ilə bağlı bir-iki məsələyə aydınlıq gətirsinlər. Çünki burada “əlavə və dəyişikliklər” yazılıb, amma bu əlavə və dəyişikliklərin nədən ibarət olduğu məlum deyil. Mən bu vacib məsələyə, mümkündürsə, cavab almaq istəyirəm.
Birinci, bayaq burada enerji daşıyıcılarının qiymətlərinin artımı ilə bağlı məsələ müzakirə olundu. Cənab Prezidentin çıxışında da əsas vurğulanan məsələ ondan ibarət oldu ki, bu qiymət artımlarının maddi cəhətdən, sosial cəhətdən zəif təbəqəyə ziyanının dəyməməsi üçün bütün addımlar atılacaq. Bu sahədə ən vacib addımlardan biri də ünvanlı sosial yardımlardır. Biz keçən sessiya zamanı da bu məsələni qaldırmışdıq ki, ünvanlı sosial yardımların alınmasında bir sıra bürokratik əngəllər var və ona görə bundan istifadə edən insanların sayı çox azdır. Siz özünüz də demişdiniz ki, burada dəyişikliklər zəruridir. Amma qanunvericilik işləri planında bu, tam şəkildə göstərilməyib. Məncə, elə ilk iclasların birində bu məsələ barədə müvafiq qanun qəbul etməyimiz ünvanlı sosial yardımdan istifadə edən insanların sayının artmasına səbəb ola bilər. Bu məsələni xahiş edəcəkdim, iş planında ön sıralara keçirək.
Digər ciddi bir məsələni diqqətinizə çatdırmaq istəyirdim, Oqtay müəllim. Bu gün əgər statistikaya baxsaq, görərik ki, Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərən xarici şirkətlərin sayı artır. Onlar Azərbaycanın təbii sərvətlərinin talanması ilə məşğuldurlar. Bəlkə biz bir qanun qəbul edək və yaxud hansısa bir müvafiq qanunumuzda dəyişiklik edək, yazaq ki, Azərbaycanın işğal olunmuş ərazisində fəaliyyət göstərən xarici şirkətlərin gələcəkdə Azərbaycan ərazisində fəaliyyətinə icazə verilməyəcək və yaxud həmin şirkətlərdə təsisçi olmuş, rəhbər vəzifə tutmuş şəxslər başqa şirkətlər də yaratsalar, onların və bu şirkətlərlə əmədaşlıq edən şirkətlərin gələcəkdə Azərbaycanda fəaliyyətinə imkan verilməyəcək. Parlamentdə bunu qəbul etsək, təbii ki, bu, dünyada böyük əks-səda doğuracaq. Biz bu məsələnin qarşısını ala bilərik. Mən istərdim, bunu da iş planına salaq, müzakirə edək. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Qənirə xanım, mən həmişə demişəm, iş planına salınan məsələlər barədə təklifləri əvvəlcədən komissiyaya vermək lazımdır. Biz bu məsələləri bitirmişik. Xahiş edirəm, Siz yazılı surətdə verin.
Gündəliyin 12 məsələsi qalıb. Biz gündəliyə keçirik. Gündəliyin ikinci məsələsinə dair sualı olan var? Yoxdur. Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin 41-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Milli Məclisi İntizam komissiyasının yenidən təşkil edilməsi haqqında. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 16.09 dəq.)
Lehinə 95
Əleyhinə 1
Bitərəf 3
Səs vermədi 0
İştirak edir 99
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
3-cü məsələ. Azərbaycan Respublikası Milli Məclisi Hesablayıcı komissiyasının yenidən təşkil edilməsi haqqında. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 16.10 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 3
Səs vermədi 0
İştirak edir 96
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Gündəliyin 4-cü məsələsi. “Türkdilli ölkələrin Dövlət Başçılarının VIII Zirvə Toplantısı Antalya Bəyannaməsi”nin təsdiq edilməsi barədə. Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyası sədrinin müavini Gültəkin Hacıyeva.
G. Hacıyeva, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyası sədrinin müavini.
Hörmətli cənab Sədr, hörmətli sədarət, hörmətli deputat həmkarlarım və media mənsubları! Milli Məclisin müzakirəsinə təqdim olunan sənəd “Türkdilli ölkələrin Dövlət Başçılarının VIII Zirvə Toplantısı Antalya Bəyannaməsi”nin layihəsidir. Bu sənəd 2006-cı il noyabrın 17-də Antalya şəhərində dörd türkdilli ölkənin başçıları – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Qazaxıstan Respublikasının Prezidenti cənab Nursultan Nazarbayev, Qırğızıstan Respublikasının Prezidenti cənab Kurmanbek Bakiyev və Türkiyə Respublikasının Prezidenti Əhməd Necdət Sezər tərəfindən imzalanmışdır.
Bəyannamə türk dövlətləri arasında inkişaf etməkdə olan və ildən-ilə yeni müstəviyə qədəm qoyan, tamamilə yeni mahiyyət dəyişiklikləri ilə zənginləşən münasibətlərin inkişafından xəbər verir. Bu sənəddə bir tərəfdən türkdilli dövlətlər arasında münasibətlərin zəngin köklərə, mənşə, mədəniyyət və dil yaxınlığına, ortaq tarixə söykəndiyi bildirilir, digər tərəfdən türkdilli ölkələr arasında əlaqələrin perspektivlərindən söhbət açılır. Bəyannamədə göstərilir ki, bu ölkələr arasında münasibətlərin daha da inkişafı onlar arasında ilk növbədə iqtisadi və ticarət sahəsində əməkdaşlığı zəruri edir. Bu ölkələr arasında mal dövriyyəsinin ildən-ilə artan səviyyəsi münasibətlərin real bir praqmatik zəmin üzərində inkişafından xəbər verir.
Antalya Bəyannaməsi mahiyyət etibarilə çox dolğun, əhatəli bir sənəddir. Bu sənəddə türkdilli ölkələrin bir sıra mühüm problemlərə münasibəti öz əksini tapır, Avrasiya ərazisində separativ, radikal hərəkətlər, kütləvi qırğın silahlarının yaradılması, narkotik vasitələr, silah qaçaqmalçılığı və insan alveri də daxil olmaqla digər qlobal təhdidlərə qarşı türkdilli ölkələrin birgə mübarizəsinin zəruriliyindən danışılır.
Sənəd, eyni zamanda, regionda mövcud olan duruma, konkret münaqişələrə münasibət ilə də fərqlənir. Türkdilli ölkələrin dövlət başçıları İraqın suverenliyinin, ərazi bütövlüyünün qorunmasına, İraqda yaşayan bütün xalqların və bunlardan biri olan türksoylu xalqın əsas hüquq və azadlıqlarının təmin edilməsinin vacibliyinə diqqəti cəlb edirlər. Mənə elə gəlir ki, bu sənədin ən dəyərli məqamlarından biri İraqda baş verən son olaylara, orada türksoylu xalqların siyasi proseslərdən müəyyən qədər təcrid olunmasına türk dövlət başçılarının kəskin və birmənalı mövqe bildirməsidir.
Bu sənəddə diqqəti cəlb edən məqamlardan biri də bölgədə mövcud olan karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılması üçün Bakı-Tbilisi-Ceyhan boru xəttinin fəaliyyətə başlamasının və Bakı-Tbilisi-Ərzurum boru xəttinin inşasının tamamlanmasının beynəlxalq strateji vacibliyinin, habelə bu istiqamətdə Trans-Xəzər layihəsinin gerçəkləşməsi zərurətinin vurğulanmasıdır. Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin çəkilməsinin və Orta Asiyanı Türkiyə ilə birləşdirəcək İstanbul-Almatı dəmiryolu xəttinə sonradan Bişkekin də qoşulmasının vacibliyi qeyd olunur.
Bu sənəddə nəsillər arasında əlaqələrin itməməsi və bu əlaqələrin, əksinə, daha da inkişaf etdirilməsi üçün ümumi mədəni irsin qorunması və gələcək nəsillərə verilməsi məqsədi ilə əməkdaşlığın daha yüksək səviyyəyə qədəm qoyması zərurətindən danışılır. Təhsil sahəsində, elmi təşkilatlar və elm xadimləri arasında əməkdaşlığın vacibliyi vurğulanır.
Sənədin ən mühüm məqamlarından biri parlamentlərarası əlaqələrin ön plana çəkilməsidir. Burada iştirakçı dövlətlərin parlamentləri, mərkəzi və yerli hakimiyyət orqanları arasında əlaqələrin dərinləşməsindən, viza prosedurlarının sadələşdirilməsindən danışılır.
Türkdilli ölkələrin dövlət başçıları səviyyəsində qəbul edilmiş bütün sənədlərdə olduğu kimi, burada da regionda ən mühüm və ən gərgin münaqişə ocaqlarından biri olan Dağlıq Qarabağ münaqişəsinə münasibət birmənalı olaraq açıqlanır. Sənəddə həmin münaqişənin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri, yəni beynəlxalq hüququn üç mühüm prinsipi çərçivəsində həll olunmasının zəruriliyi vurğulanır və yalnız bu halda Avrasiya coğrafiyasında mühüm əmin-amanlığın təmin olunmasının, bütün dünya üçün çox ciddi təhdidlər olan terrorizmlə, radikal separatizmlə birgə mübarizənin mümkün olmasından danışılır.
Sənəddə Qazaxıstanın, Türkiyənin, Qırğızıstanın və Azərbaycanın dünya ölkələri ilə beynəlxalq əməkdaşlığı yüksək qiymətləndirilir. Qarşıdakı illər ərzində bu ölkələrin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına və Qazaxıstanın 2009-cu ildə ATƏT-in dövri sədrliyinə namizədliyi dəstəklənir.
Mən düşünürəm ki, Milli Məclisdə bu bəyannamənin dəyərinə əlavə şərh verməyə ehtiyac yoxdur. Mən inanıram ki, biz yaxın gələcəkdə türkdilli ölkələrin dövlət başçılarının digər zirvə toplantılarının bəyannamələrini də müzakirə edib, parlamentdə ratifikasiya edəcəyik. Mən inanıram ki, gələcəkdə türkdilli ölkələrin parlament assambleyasının yaranması ideyası gerçəyə çevriləcək və həmin assambleyada qəbul olunmuş sənədləri də bizim hörmətli həmkarlarımızın diqqətinə təqdim edəcəyik. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Hörmətli Sədr, hörmətli millət vəkilləri, media nümayəndələri! Mən ilk öncə sessiyanın başlanması münasibəti ilə hər birinizi təbrik edir və sizə işlərinizdə uğurlar arzulayıram!
Müzakirə olunan məsələ ilə bağlı qeyd etmək istəyirəm ki, bu, vacib bir sənəddir və hər bir azərbaycanlı türkünü ürəkdən sevindirir ki, türk ölkələri yaxınlaşır, ciddi əməkdaşlıq edirlər. Təəssüf doğuran hal odur ki, Türkmənistanla Özbəkistan bu bəyannaməni imzalamayıb, buna qoşulmayıblar. Arzu edək ki, Türkmənistanda seçkilərdən sonra Türkmənistan Respublikası da bu sənədə qoşulsun və bu proseslərdə yaxından iştirak etsin.
Amma Oqtay müəllim, 6-cı maddə ilə bağlı fikrimi bildirmək istəyirəm. Qeyd olunur ki, dövlət başçıları İraqın suverenliyinin, ərazi bütövlüyünün qorunmasına, İraqda yaşayan bütün xalqların və bunlardan biri olan türk soylu xalqın əsas hüquq və azadlıqlarının təmin edilməsinin vacibliyinə xüsusi diqqət yetirirlər. Bu yaxınlarda Türkiyənin Böyük Millət Məclisi qapalı iclas keçirib, İraqdakı türkmənlərin vəziyyətini müzakirə etdi. Biz özümüz vaxtilə beynəlxalq birlik tərəfindən ikili standartlar siyasətinə məruz qalmış, təklənməyin, bəzən haqlı ola-ola beynəlxalq birlik tərəfindən dəstəklənməməyin nə olduğunu öz üzərimizdə sınamışıq. Ona görə də hesab edirəm ki, bu gün İraqda yaşayan türkmənlərin Azərbaycan dövlətinin və Azərbaycan parlamentinin dəstəyinə ehtiyacı var və biz bu dəstəyi verməli, Milli Məclisin növbəti iclaslarından birində bu məsələni müzakirə etməliyik.
Azərbaycan bütün ciddi beynəlxalq məsələlərdə koalisiyanın üzvü kimi Amerika Birləşmiş Ştatlarının yanındadır, Amerika Birləşmiş Ştatlarını müdafiə eləyir. Azərbaycan həm Balkanlarda, həm Əfqanıstanda, həm də İraqda öz hərbi kontingentini yerləşdirib. Bizim daha çox mənəvi haqqımız var ki, bu gün orada nəzərdə tutulmuş referendumun ertələnməsini Amerika Birləşmiş Ştatlarından, o cümlədən İraq hökumətindən tələb eləyək. Ona görə ki, orada türkmənlərin bir çoxu kürd separatçıları tərəfindən məcburi qaydada öz yurd-yuvalarından didərgin salınıb və indi həmin ərazilərdə kürdlərin yerləşdirilməsi prosesi gedir. Hesab edirəm ki, biz bu məsələdə məhz bir türk dövləti olaraq İraq türklərinə, yəni öz millətimizə dəstək verməli, onları müdafiə eləməliyik. Mən, sözsüz ki, bütün həmkarlarımı bu məsələyə səs verməyə dəvət edir və təklif edirəm ki, biz Milli Məclisin yaxın iclaslarından birini məhz bu məsələnin müzakirəsinə həsr eləyək. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Fazil Mustafayev, sualınız var? Buyurun.
F. Mustafayev. Mən bu bəyannaməni əhəmiyyətli bir sənəd hesab edirəm. Amma bir məsələni aydınlaşdırmaq üçün çox hörmətli Gültəkin xanıma sual vermək istəyirəm. Burada “türkdilli ölkələrin dövlət başçılarının zirvə toplantısı” ifadəsinin işlənməsi nə dərəcədə doğrudur? Mənim fikrimcə, “türkdilli ölkə” ifadəsi tamamilə yanlış ifadədir. Siz heç rusdilli, slavyandilli, ingilisdilli ölkələrin toplantısı eşitmisiniz? Yəni türk ölkələrinin, türk dövlətlərinin toplantısı olar. Bunun adı əgər əvvəldən səhv qoyulubsa, gələcəkdə Azərbaycan nümayəndə heyəti bu məsələdə bir düzəliş eləməyə çalışmalıdır. Mən əsas bunu dəqiqləşdirmək istəyirdim. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Pənah Hüseyn.
P. Hüseyn. Təşəkkür edirəm, hörmətli Sədr. Şübhəsiz ki, bu, tarixi sənəddir və biz onu birmənalı şəkildə dəstəkləyirik. Arzu edirik ki, inşallah, türk ölkələri birliyinin yaradılmasını da biz bir gün Milli Məclisdə müzakirə edək və təsdiq eləyək. Mənim qeyd etmək istədiyim bir sıra məsələlərə hörmətli Qüdrət bəy toxundu. Amma hər halda mən 5-ci və 6-cı maddələrdə öz əksini tapmış məsələlərə öz münasibətimi bildirməyi lazım bilirəm.
 İraq məsələsində qardaş Türkiyənin açıq-aydın təklənməsi prosesini müşahidə eləyirik. Bu məsələ yalnız regionda gedən geosiyasi proseslərlə yox, bütövlükdə qlobal proseslərlə bağlıdır. Bu proseslər əgər arzu olunmayan istiqamətdə davam edəcəksə və İraqın, sonra da başqa qonşu dövlətlərin ərazi bütövlüklərinin və suverenliklərinin şübhə altına alınması və ya sərhədlərinin yenidən biçilməsi prosesi gedəcəksə, biz türkdilli xalq olaraq, türk olaraq, Azərbaycan olaraq çox fəsadlar törədə biləcək bu proseslər barədə indidən öz mövqeyimizi açıq və aydın şəkildə ortaya qoymalıyıq. Mən hesab edirəm ki, xüsusən son dövrdə Amerika Birləşmiş Ştatlarının, – strateji müttəfiq olsalar belə, – Türkiyəyə qarşı müəyyən hədə və mesajlarının cavabı olaraq Azərbaycan ictimaiyyəti, Azərbaycan dövləti və onun bir qolu olan Milli Məclis həmin məsələlərdə konkret və qəti mövqeyini ortaya qoymalı və bunlara qarşı etirazını bildirməlidir.
İraq, Fələstin və Livanda baş verən proseslərin bu dəfə İranda baş verməsi ehtimalı güclüdür. Dövlət başçısının bu yaxınlarda Fransada İran barədə verdiyi bəyanat, şübhəsiz ki, Azərbaycan cəmiyyətinin əksəriyyətinin mənafeyini, iradəsini ifadə eləyən bir bəyanat olub. Yəni biz 30 milyon Azərbaycan türkünün, 70-80 milyon müsəlmanın yaşadığı və tarixən bir olduğumuz qonşu ölkəyə hərbi müdaxiləyə qarşı da öz mövqeyimizi açıq və konkret şəkildə bildirməliyik. Yəqin ki, burada böyük əksəriyyətin bu fikrə münasibəti müsbət olar. Mən İranda və İran ətrafında baş verən proseslərin Azərbaycan dövləti və cəmiyyətinin diqqət mərkəzində olduğunu da bura əlavə edirəm. Bu bəyannamə bütövlükdə tarixi bir sənəddir və biz ona məmnuniyyətlə səs verəcəyik.
Sədrlik edən. Sağ olun. Qənirə Paşayeva.
Q. Paşayeva. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Təbii ki, bu sənədi hər birimiz alqışlayırıq və xüsusilə o bizi sevindirir ki, bu cür zirvə toplantılarında, bu cür tədbirlərdə Azərbaycan həmişə ön cərgələrdə gedir.
Amma mən də Sizin diqqətinizi İraq türkmənlərinin probleminə cəlb etmək istərdim. Biz çox türkmənlər deyirik. Kimdir bu türkmənlər? Kərkükdə türkmənlərin yaşadığı bölgələrdə olan hər kəs bilir ki, bu adamlar bizim bir parçamızdır, bunlar bizik. Kərkükdə olarkən özünü sanki Şamaxıda, Gəncədə hiss edirsən. Bu adamlar bizim bir parçamızdır. Bu gün türkmənlərin İraqda bütün haqları tapdalanır. Mən onlarla çox görüşlər keçirmişəm. Türkiyədə də İraq Türkmən Cəbhəsinin rəsmiləri ilə görüşmüşəm. Onlar bizdən çox şey gözləyirlər. Həm də ona görə çox şey gözləyirlər ki, Azərbaycan Amerika Birləşmiş Ştatları ilə birlikdə İraqda sülhyaratma əməliyyatlarında iştirak edir. İraqda Azərbaycan hərbçiləri də qulluq edirlər və Azərbaycanın onların hüquqlarının qorunması istiqamətində proseslərə təsir imkanları kifayət qədər çoxdur.
Bu gün türkmənlərlə bağlı çox qorxulu tendensiya gedir. Hər kəs bilir ki, Kərkük türkmənlərin varlığıdır. Lakin hər kəs də bilir ki, bu il artıq Kərkükün statusu ilə bağlı referendum keçiriləcək və hər kəs bu referendumun nəticələrini qabaqcadan bilir. Biz bu sənəddə İraqın ərazi bütövlüyünü, türkmənlərin hüquqlarını dəstəkləyirik. Mən hesab edirəm, ona görə də Azərbaycan parlamenti İraq parlamentinə türkmənlərin vəziyyəti ilə bağlı narahatlıq dolu bir məktub göndərməli və müraciət etməlidir ki, bu cür proseslərdə türkmənlərin haqları tapdalanmasın. Eyni zamanda, bu referendum məsələsinə biz öz münasibətimizi çox ciddi şəkildə bildirməliyik. Bu gün orada yaranmış vəziyyət ciddi narahatlıq doğurur. Dünən bütün dünya televiziyaları İraq Türkmən Cəbhəsinin sədrinə dördüncü sui-qəsddən xəbər verdilər. Bu gün İraqda türkmənlərin hamısı sui-qəsdlərə məruz qalır. Bu insanlar bizdən bunu gözləyir ki, həm İraq parlamentinə, həm də Amerika Birləşmiş Ştatlarına bununla bağlı, referendum məsələsi ilə bağlı, türkmənlərin hüquqlarının pozulması ilə bağlı biz də, heç olmasa, müraciət edək, narahatlığımızı bildirək.
Oqtay müəllim, İraq parlamentində onların sayı çox azdır. Çox təəssüf ki, yüz minlərlə türkmənə heç bir ciddi siyasi haqq vermirlər. İraq parlamentində onların cəmi bir neçə nümayəndəsi var.
Sədrlik edən. 6 nümayəndəsi var.
Q. Paşayeva. Bəli, elədir. Biz onları Azərbaycana dəvət edə, parlamentdə dinləyə bilərik. İraq Türkmən Cəbhəsinin nümayəndə heyətini dəvət edə bilərik. Bu istiqamətdə bizim atacağımız addımlar çox ola bilər. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Məlahət xanım, sualınız var?
M. Həsənova. Oqtay müəllim, mən, təbii ki, bəyannaməyə səs verəcəyəm. Bizim gündəlikdə bəyannamə də, konvensiya da var. Mən sual verirəm ki, biz bu bəyannamə və konvensiyaya bir əlavə edəcəyik? Etməyəcəyiksə, belə ətraflı müzakirə nə üçündür?
Sədrlik edən. Sağ olun. Konvensiyaya əlavə olunmayacaq. Millət vəkillərinin təklifləri oldu, biz o təkliflərə baxacağıq. Yaqub Mahmudov.
Y. Mahmudov. Çox sağ olun, hörmətli Sədr. Mən bu bəyannaməni son dərəcə böyük əhəmiyyətə malik olan bir sənəd, türk dövlətlərinin strateji əməkdaşlığında mühüm mərhələ hesab edir və çox böyük qürur hissi keçirirəm ki, o sənədin hazırlanmasında Azərbaycan tərəfi də fəal iştirak eləyib.
Qeydlərim isə bundan ibarətdir. Gültəkin xanım bu sənəd haqqında məlumat verəndə “türk ölkələri”, “türk dövlətləri” ifadələrini işlətdi. Amma bu sənədin adında “türkdilli ölkələr” ifadəsi işlənib. Mən buna etirazımı bildirir və arzu edirəm ki, gələcəkdə bu səhv düzəldilsin. Çünki bu bizim kökümüzlə bağlı zərərli konsepsiyaların davamıdır. Sovet dövründə də, ondan qabaq da bu ifadə işlədilib. Bizə qəbul etdirməyə çalışıblar ki, biz türk deyilik, türkdilli xalqlarıq, bizim boğazımıza dil gətirib qoyublar, bizim kökümüz türk deyil. Bu oradan gələn məsələdir. Ona görə də arzu edərdim ki, gələcəkdə bu mənada “türk xalqları, türk dövlətləri, türk ölkələri” ifadələri işlənsin. Təəssüf edirəm ki, bu sənədin adında “türkdilli” sözü var. Bu bizim əleyhimizə olan sözdür. Bilmirəm, indi bu sənədin kökündə o söz var, ya bu, tərcümədən gəlir? Əgər tərcümədən gəlirsə, bunu düzəldək. Gəlmirsə, parlamentimiz bizim Xarici İşlər Nazirliyinə bununla əlaqədar öz mövqeyini bildirsin.
Mənim üçün çox xoşdur ki, burada “türkmən” sözünü dilə gətirdilər. Sənəddə “türkmən” sözünə mən təsadüf eləmədim, İraqla bağlı “türk xalqı” ifadəsi işlədilir. Oradakı türkmənlər ağqoyunlu, qaraqoyunlu elatıdır və bilavasitə bizə yaxın elatdır. Mən çox məmnunam ki, bu məsələnin üzərində xüsusi dayanılır. Orada yeridilən siyasət bizim Dağlıq Qarabağla bağlı yeridilən siyasətin təkrarıdır. Dağlıq Qarabağda da referendum keçirməkdən ötrü bədnam qonşumuz xüsusi siyasət yeridir, ikili standartlardan istifadə eləyib ora erməni əhali köçürür ki, gələcəkdə bu məsələni öz xeyrinə həll eləsin. Eyni iş Qərbdən yeridilən siyasətlə bu gün İraqda həyata keçirilir. Strateji əhəmiyyəti olan əraziyə – neftlə zəngin Kərkükə kürdlər doldurulur ki, bundan sonra orada Kərkükün taleyini həll edən referendum keçirilsin. Bu sənəd burada müzakirə olunarkən bizim parlamentdə bu da səslənməlidir ki, biz tamamilə bu siyasətin əleyhinəyik. Biz bu siyasəti Dağlıq Qarabağla əlaqədar öz üzərimizdə hiss etmişik və bizim qardaşlarımız olan İraq türklərinə qarşı bu siyasətin yeridilməsini pisləyirik.
Mən məmnunam ki, buraya Şimali Kipr Türk Cümhuriyyəti ilə əlaqədar məsələ də daxil olub, o dövlətin təklənməsinə də münasibət bildirilib. Şimali Kipr əhalisi Kofi Annanın planına səs verdi. Amma nəticə nədən ibarət oldu? Bu heç nəzərə alınmadı və Avropa Birliyinə qəbul olunma məsələsində Cənubi Kiprə, yunanlara güzəştə gedildi. Bu, türk dövlətlərinə qarşı qlobal siyasətdir və mən çox şadam ki, dörd türk dövlətinin başçısı bu məsələlərin hamısına burada reaksiya verib.
Terrorçuluq pərdəsi altında həyata keçirilən bu oyunların hamısı türk dövlətlərinin əhatəsində – İraqda, Əfqanıstanda, Fələstində, Livanda oynanılır. Bu məsələlərin hamısına bu sənəddə reaksiya verilir. Biz bunu alqışlayırıq və bunun təsdiq edilməsini təklif edirik. Eyni zamanda, məncə də, bizim parlament bəyan etməlidir ki, biz İraqda yeridilən siyasəti pisləyirik. Kərkükə kənardan kürdləri gətirib, türkmənləri vətəndən məhrum eləmək üçün saxta referendum keçirilməsini Azərbaycan parlamenti pisləyir. Biz bu məsələ ilə əlaqədar səsimizi qaldırmalıyıq. Bu bəyannaməni çox dəyərli sənəd kimi qəbul edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Fəzail Ağamalı.
F. Ağamalı. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mənim fikrimcə də, Türkdilli ölkələrin VIII Zirvə Toplantısının Antalya Bəyannaməsi son dərəcə ciddi, son dərəcə əhəmiyyətli bir sənəddir. Burada türk dövlətlərinin həm qlobal, həm də regional proseslərdə fəal iştirakı, yəni sülhün və təhlükəsizliyin təminatından tutmuş, iqtisadi münasibətlərin yüksək səviyyədə qurulmasına, dünya enerji bazarında Xəzərətrafı türk dövlətlərinin real iştirakına, Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilişinin əhəmiyyətinə və nəhayət, beynəlxalq təşkilatlarda birgə iştiraka qədər bütün məsələlər özünün yüksək səviyyədə ifadəsini tapmışdır.
Mən də çox arzulayardım ki, burada hörmətli millət vəkillərinin dediyi kimi, digər türk dövlətləri də bu işə qoşulsunlar. Bu son dərəcə əhəmiyyətli olardı. Ulu öndərimiz Heydər Əliyev tərəfindən böyük əhəmiyyət verilən bu proses gələcəkdə türk dövlətlərinin problemlərinin həlli üçün onların daha ciddi şəkildə birgə fəaliyyətinə imkan yaradacaq. Biz qlobal və regional miqyasda qarşılaşmış odluğumuz bütün problemlərin həllində birgə iştirak edəcək və onların aradan qaldırılmasında səylərimizi birləşdirəcəyik. Buna mənim qətiyyən şübhəm yoxdur. Çünki hadisələrin gedişi buna yönəlibdir.
Yeri gəlmişkən demək istəyirəm ki, bütün sahələrdə olduğu kimi, Azərbaycan Prezidenti cənab İlham Əliyev bu məsələlərdə də özünü böyük vətənpərvər, Azərbaycan xalqının mənafeyinə, maraqlarına xidmət edən dövlət başçısı kimi bir daha təsdiq etdi.
Hörmətli cənab Sədr, mən də İraqda yaşayan türk soylu xalqımızın taleyinə biganə qalmağın tərəfdarı deyiləm. Mən də burada deyilənlərə tamamilə qoşulur və düşünürəm ki, bununla bağlı biz Türkiyə parlamenti ilə xüsusi bir işçi qrupu yarada və buraya bizim soydaşımız olan türkmənlərin İraq parlamentindəki deputat qrupunu da cəlb edə bilərik. Bərabər yaradılmış olan bu işçi qrupu çox intensiv və ardıcıl şəkildə işləyib məsələni beynəlxalq təşkilatlar səviyyəsinə qaldıraraq elə edə bilər ki, İraqda gedən proseslərdə bizim soydaşlarımızın hüquqları tapdalanmasın. Bu baxımdan biz, təbii ki, orada söz sahibi olan Amerika Birləşmiş Ştatları ilə bu məsələ ətrafında çox intensiv işləməliyik. Bir sözlə, mən bu bəyannamənin hörmətli millət vəkilləri tərəfindən yekdilliklə qəbul edilməsinə şübhə etmirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Fəzail İbrahimli.
F. İbrahimli. Çox sağ olun, cənab Sədr. Türk dövlətlərinin Antalyada keçirilən VIII Zirvə Toplantısı ilə bağlı iki mühüm cəhəti mən həmkarlarımın diqqətinə çatdırmaq istərdim. Birincisi, bu bəyannamə türk dövlətlərinin dünyada gedən siyasi məsələlərə münasibətini aydınlaşdırmaq nöqteyi-nəzərindən çox səciyyəvidir. İkincisi, Azərbaycan dövlətinin bu bəyannamədə iştirakı ölkəmizin regionda və türk dövlətləri arasında mövqeyinin möhkəmlənməsindən, beynəlxalq aləmdə nüfuzunun artmasından xəbər verir. Bəyannamə kifayət qədər ciddi sənəddir və mən həmkarlarımı bu sənədin təsdiq olunmasına səs verməyə dəvət edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Buyurun, Nizami müəllim.
N. Xudiyev. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Keçmiş sovetlər birliyində yaşamış türk dövlətləri ilə Türkiyə Cümhuriyyətinin bu bəyannaməni birgə qəbul etməsi çox təqdirəlayiq bir haldır. Mən deyərdim ki, 1990-cı illərdə türk respublikaları müstəqillik qazanandan sonra ilk dəfədir belə güclü bəyannamə qəbul olunur. Əvvəllər buna maraq da vardı və türkdilli respublikalar belə məsələlərdə çox yaxından iştirak edirdi. Lakin sonradan nə cür oldusa, bu məsələlərdə soyuqluq əmələ gəldi.
Bu Zirvə Toplantısı və orada Antalya Bəyannaməsinin qəbul edilməsi türkdilli xalqlar arasında birliyin inkişafı üçün çox mühüm rol oynadı. Mən möhtərəm Prezident İlham Əliyevin çıxışına diqqətlə qulaq asdım. Çox mütərəqqi, çox səviyyəli və türkdilli xalqların, türkdilli respublikaların mənafeyini və gələcək inkişafını müəyyənləşdirmək istiqamətində çox uzaqgörən, məntiqli bir çıxış idi. Təbii ki, bu çıxışı o biri respublikaların da prezidentləri yüksək səviyyədə qarşıladılar. Ancaq çox təəssüf ki, bu bəyannaməni ancaq Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə prezidentləri imzaladılar. O biri türk respublikalarının bu toplantıda və bu bəyannamənin imzalanmasında iştirak etməməsinə mən çox təəssüflənirəm.
Bəyannamənin 7-ci bəndindən bir ifadəni diqqətə çatdırıram: “aralarındakı ortaq tarix”. Bunu unutmaq lazım deyil. Çox təəssüf ki, əvvəllər bu məsələyə o qədər də fikir vermirdilər. 7-ci bənddə deyilir: “Aralarındakı ortaq tarix, dil yaxınlığını və mədəniyyətdən yaranan xüsusi əlaqələrini, qardaşlıq, əməkdaşlıq və həmrəylik anlayışını, mövcud olan münasibətləri və əməkdaşlığı müstəqillik, suverenlik, ərazi bütövlüyünə hörmət, bərabərlik, qarşılıqlı maraq əsasında davam etdirmək niyyətlərini bir daha təsdiqlədilər”. Bu baxımdan, doğrudan da, bəyannaməyə çox ciddi bir ehtiyac var idi. Mən bir türk dili mütəxəssisi kimi çox sevinirəm ki, bu məsələdə bizim möhtərəm Prezident İlham Əliyev əsas rol oynadı.
Burada təbii olaraq bir məsələyə toxundular – “türk dövlətləri” deyilir və “türkdilli respublikalar” deyilir.
Sədrlik edən. Mən elə bir dilçi kimi Sizin bu barədə fikrinizi bilmək istərdim.
N.Xudiyev. Bəli, mən bu məsələni hələ 1992-ci ildə Ankarada keçirilən Türk dili Qurultayında qaldırmışdım. O zaman bütün türkdilli respublikalar bunu nəinki müdafiə elədilər, hətta alqışladılar ki, doğrudan da, bu, türk dövlətləridir. Türkdilli deyəndə belə çıxır ki, başqa dil qruplarına məxsus xalqlar hansı səbəbdənsə indi olublar türkdilli. Halbuki bunlar türk dövlətləridir. Təbii ki, türk dövlətinin dili də türk dili olar. O baxımdan “türkdilli dövlət” ifadəsi, əlbəttə, yanlışdır. Məsələn, “slavyandilli ölkələr” anlayışı yoxdur, “slavyan ölkələri” anlayışı var. Bayaq Yaqub müəllim də bu məsələyə toxundu. Gültəkin xanım da məndən əvvəl çıxışında çox doğru olaraq “türk dövlətləri” ifadəsini işlətdi. Bilirsiniz necədir, bu türkdilli respublikalar bunu alqışlayırlar, amma qəribə də olsa, ümumi bir qərara gəlmək, bunu razılaşdırmaq üçün, bax, belə bəyannamələrə çox ciddi ehtiyac vardır. Bu baxımdan da bu Antalya Bəyannaməsi çox təqdirəlayiqdir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Mən hesab edirəm ki, Nizami müəllim Fazil Mustafayevin suallarına da cavab verdi. Baba Tağıyev.
B. Tağıyev. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Sizi yeni sessiyanın başlanması münasibətilə təbrik edir, hamınıza uğurlar arzulayıram! Mən bu bəyannaməyə çox yüksək qiymət verirəm. Burada ortaya çıxan türkdilli dövlət və yaxud türk dövlətləri məsələsi barədə fikrimi açıqlayıb demək istəyirəm. Bu məsələni araşdırmaq üçün dörd məfhumun, dörd sözün – “xalq”, “millət”, “milliyyət” və “dövlət” sözlərinin tam dərinliyi ilə mənasını dərk edib, onu analiz edəndə biz görəcəyik ki, bu nə deməkdir. Xalq Allah-taala tərəfindən bu dünyada xəlq edilmiş insanlardır. Milliyyət eyni dildə danışan müxtəlif qruplara deyilir. Müəyyən arealda yaşayan, eyni dildə danışan, eyni milli xüsusiyyətlərə malik bir xalq millətdir. Dövlət isə hər hansı bir millətin bu dünyada yaratdığı ən böyük siyasi sənət əsəridir. Bizim Azərbaycan dövləti bu gün Azərbaycan türklərinin, azərbaycanlıların dünyada yaratdığı ən böyük sənət əsəridir. Biz bu Azərbaycan dövlətinin möhkəmlənməsi, əbədi olaraq yaşaması üçün ona sədaqətlə xidmət etməliyik.
Bu gün bu millət məsələsi ilə əlaqədar İraq hadisələrinə öz münasibətimi bildirirəm. İraq türkmənləri dedikdə bilməliyik ki, İraq türkmənləri biz özümüzük. Onlarla Azərbaycan türkləri arasında heç bir fərq yoxdur. Milli xüsusiyyətlərimizə görə tamamilə eyni kökə malikik. İraqda yaşayan bu türklərin, yəni azərbaycanlıların müdafiəsi bizim borcumuzdur. Hər bir millət vəkili bu məsələyə öz münasibətini bildirməlidir. Bu bizim milli borcumuzdur.
Üçüncü məsələyə münasibətimi bildirirəm. Dünya dövlətləri bölgədə yaşayan bütün türk xalqlarının hüquqlarını, tarixi haqlarını tanımayınca bu böyük bölgədə sabitliyə nail olmaq mümkün olmayacaqdır. Bunu böyük dövlətlər, nəhayət, dərk etməlidirlər. Bu xalqların – İraq türklərinin də, Azərbaycan türklərinin də haqları tanınmalıdır. Mən Azərbaycan türkləri dedikdə İranda yaşayan 35 milyonluq xalqımızı da nəzərdə tuturam. Onların milli hüquqlarının müdafiə olunması bizim haqqımızdır. Bəyannaməyə müsbət münasibətimi bildirirəm və buna səs verəcəyəm.
Sədrlik edən. Mən hesab edirəm ki, bəyannaməni çox müzakirə elədik. Sabir müəllim etiraz eləmirsə...
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Təklifiniz var? Buyurun.
S. Rüstəmxanlı. Mən hesab edirəm ki, bu bəyannamə haqqında kifayət qədər geniş danışıldı. Bunun müzakirəsinə ehtiyac yoxdur. Biz o Antalya toplantısında iştirak etmişik və Azərbaycanın orada hansı səviyyədə təmsil olunduğunun hamımız şahidi olmuşuq.
Mən burada başqa bir məsələyə toxunmaq istəyirəm. Oqtay müəllim, neçə illərdir ki, Türk Dövlətlərinin Parlament Assambleyasının yaradılması haqqında söhbətlər gedir. Bizim bəzi yoldaşlar, köhnə millət vəkilləri bilirlər ki, bununla bağlı mən Qırğızıstanda, Qazaxıstanda, Özbəkistanda olmuşdum. Onların Məclis sədrləri ilə görüşlərim olmuşdur. Türkiyə parlamentində olmuşdum. Orada da Məclis sədrinin müavini ilə görüşmüşdüm. Prinsipcə hamı razıdır, amma müəyyən addım atılmır. Biz Antalya görüşlərində bu məsələnin həll olunacağını gözləyirdik. Orada bu, müzakirə olundu, amma təəssüf ki, bəyannamədə öz əksini tapmadı.
Mən istərdim ki, Azərbaycan parlamenti, şəxsən Siz, belə bir Parlament Assambleyasının yaradılması təklifi ilə digər türk parlamentlərinə müraciət edəsiniz. Qoy bu təşəbbüs bizim Azərbaycan parlamentindən çıxsın. Bu məsələ gec-tez həll olunacaq. Onsuz da bu olmalıdır. Başqa cür bu, mümkün deyil. Əgər Qara dəniz Parlament Birliyi, İslam Dövlətlərinin Parlament Birliyi, müxtəlif regionlarda belə parlament birlikləri varsa, güman eləyirəm ki, gec-tez Türk Dövlətlərinin Parlament Birliyi də olacaqdır. Amma istərdim ki, bu təkliflə Siz çıxış edəsiniz və ilk addımı rəsmən Azərbaycan parlamenti atsın. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Biz ilk addımı atmışıq, Türkiyədə olarkən Türkiyə Böyük Millət Məclisinin sədri Bülənd Arıncla da danışmışıq. Hətta belə söhbət oldu ki, – səhv eləmirəmsə, Nizami müəllim də orada idi, – əgər başqa türkdilli dövlətlər razılaşmasa, bu qurumu Azərbaycan və Türkiyə yaratsın. Bu təkliflər olub artıq. Ancaq biz hələ tələsmirik. Mən hesab edirəm ki, biz bu bəyannaməni çox müzakirə elədik.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Gültəkin xanım, Nizami müəllim o suala cavab verdi. Buyurun.
G. Hacıyeva. Mən Nizami müəllimə təşəkkürümü bildirirəm, bir dilçi olaraq cavab verdi. Sözsüz, bir dilçi olaraq mən də ona əlavə etmək istərdim ki, əgər analogiya aparsaq, slavyandilli, germandilli xalqlar olmadığı kimi, slavyan və german xalqları olduğu kimi, türk xalqları olmalıdır. Bu bizim bir dilçi olaraq cavabımızdır. Ancaq bu bəyannaməyə münasibətdə biz daha çox bir siyasətçi mövqeyindən və hüquqi prizmadan çıxış edirik.
Burada mən bir məsələyə diqqəti çəkmək istəyirəm. Əgər bu məsələlərdə tam səlahiyyət Azərbaycan Respublikası Prezidentində və ya Azərbaycan tərəfində olsaydı, mənim heç bir şübhəm yoxdur ki, bu günə qədər olduğu kimi, yenə ən cəsarətli addımları Azərbaycan Respublikasının Prezidenti atardı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev türk xalqlarının qurultayını Azərbaycanda çağırmaqla bağlı təşəbbüslə çıxış edib. Bu günə qədər mən türk birliyi üçün bundan daha cəsarətli və bundan daha konkret təklif eşitməmişəm. Ancaq bu bəyannamənin mətni və onun başlığı, bildiyiniz kimi, dörd ölkə başçısı arasında əvvəlcədən razılaşdırılıb.
Burada hörmətli həmkarlarım təəssüf hissi ilə bildirdilər ki, Özbəkistan Prezidenti İslam Kərimov, o vaxt hələ həyatda olan Türkmənistan Prezidenti Saparmurad Niyazov bu bəyannaməyə qoşulmayıblar. Yəni bu bəyannamə dörd ölkə arasında imzalanmışdır. Həmin bəyannamələri imzalayan tərəflər türkdilli ölkə anlayışına üstünlük verdiyi üçün, – yəni söhbət Qazaxıstandan və Qırğızıstandan gedir, – bəyannamənin yekun variantı da məhz bu şəkildə təsdiq olunmuşdur.
Bir daha təkrar edirəm, Azərbaycan Prezidenti İlham Əliyev türk birliyi məsələsində həmişə ən cəsarətli mövqedə olub və ən tutarlı sözü deyib. Sadəcə, bu bəyannamə bir hüquqi sənəddir. Bunun tərəflər arasında imzalanması mexanizmi var. Məhz ona görə də biz onu bu gün istədiyimiz kimi yox, türk dövlətlərinin yox, türkdilli ölkələrin dövlət başçılarının bəyannaməsi kimi təqdim edirik. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 16.53 dəq.)
Lehinə 107
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 107
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul olundu. Ancaq hörmətli millət vəkilləri, bir bəyannaməyə biz 50 dəqiqə vaxt sərf elədik. Çıxışların əksəriyyəti də bir-birini təkrar elədi. Xahiş edirəm, konvensiya, bəyannamə kimi sənədlərlə bağlı məsələlərdə bir az konkret olaq. Bizim hələ doqquz məsələmiz qalıb.
Gündəliyin 5-ci məsələsi. “Bitki Karantini və Mühafizəsi üzrə Avropa və Aralıq Dənizi Təşkilatının yaradılması haqqında” Konvensiyaya qoşulmaq barədə. Aqrar siyasət daimi komissiyasının sədri Eldar İbrahimov. Eldar müəllim, bu Konvensiyanın mətni hamıda var. Xahiş edirəm, onun haqqında yığcam məlumat verin.
E. İbrahimov, Milli Məclisin Aqrar siyasət daimi komissiyasının sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Müzakirənizə təqdim olunan “Bitki Karantini və Mühafizəsi üzrə Avropa və Aralıq Dənizi Təşkilatının yaradılması haqqında” Konvensiyaya qoşulmaq barəsində qanun layihəsi Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının Prezidenti tərəfindən Milli Məclisə göndərilmişdir.
Bu təşkilat hələ 1951-ci ildə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən qəbul olunmuş Beynəlxalq Bitki Karantini və Mühafizəsi üzrə Konvensiyanın müddəalarına müvafiq olaraq regional təşkilat kimi yaradılmışdır. Qərargah Parisdə yerləşir. Nəzərinizə çatdırmaq istərdim ki, Azərbaycan hələ 2000-ci ildə Beynəlxalq Bitki Mühafizəsi Konvensiyasına qoşulmuş, Bitki Karantini və Mühafizəsi üzrə Avropa və Aralıq Dənizi Təşkilatının Konvensiyasına qoşulmaq üçün isə 2005-ci ildə sənədlər hazırlanaraq Xarici İşlər Nazirliyinə təqdim olunmuşdur.
Onu da qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikası “Bitki Karantini və Mühafizəsi üzrə Avropa və Aralıq Dənizi Təşkilatının yaradılması haqqında” Konvensiyaya xüsusi bəyanatla qoşulmuşdur. Layihəyə əlavə olunan bəyanatda qeyd olunur: “Azərbaycan Respublikası bəyan edir ki, hazırkı Konvensiyanın müddəalarının Azərbaycan Respublikasının Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində həyata keçirilməsinə həmin ərazilərin işğaldan azad edilməsinədək zəmanət verə bilməyəcəkdir”. Bəyanata işğal olunmuş ərazilərin sxematik xəritəsi də əlavə olunmuşdur.
Hörmətli həmkarlar, bitki və baytarlıq nəzarəti bütün ölkələrdə dövlətin daim diqqət mərkəzində və nəzarətində olan sahələrdən biridir. Burada yol verilən hər hansı bir nöqsan əhalinin sağlamlığına, ölkə iqtisadiyyatına çox ciddi ziyan vura bilər. Son vaxtlar bir çox ölkələrdə tüğyan edən quş qripini, yaxud bir neçə il bundan əvvəl Bakı ətrafında ağacları məhv edən Amerika ağ kəpənəyini və ya Xanlar-Samux bölgəsində taxıl zəmilərinə ziyan vuran çəyirtkələri buna misal gətirmək olar. Bitki Karantini və Mühafizəsi üzrə Avropa və Aralıq Dənizi Təşkilatının yaradılmasında da əsas məqsəd heyvan və insan sağlamlığının qorunması üçün bitki və bitki mənşəli məhsulların zərərverici orqanızmlərdən mühafizəsi, onların yayılmasının qarşısının alınması, bitki karantini və mühafizəsinə dair beynəlxalq səviyyədə razılaşdırılmış fitosanitar və digər rəsmi tədbirlərin, habelə standartların işlənib hazırlanmasında üzv hökumətlərin səylərinin dəstəklənməsi olmuşdur.
Konvensiya 23 maddədən ibarətdir. Burada məqsədlər, işlədilən ifadələrin izahı, üzvlük, təşkilatın funksiyaları, strukturu, idarəetmə orqanları, üzv dövlətlərin öhdəlikləri və sair öz əksini tapmışdır. Eyni zamanda, nəzərinizə çatdırmaq istəyirəm ki, 2006-cı ildə “Fitosanıtar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bu qanun Beynəlxalq Bitki Karantini və Mühafizəsi üzrə Konvensiyanın, sanitariya və fitosanitar sazişin tələblərinə uyğun hazırlanmışdır.
Onu da qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi “Bitki Karantini və Mühafizəsi üzrə Avropa və Aralıq Dənizi Təşkilatının yaradılması haqqında” Konvensiyaya qoşulmaq üçün keçən il oktyabrın 9-13-də Bakı şəhərində çox böyük bir konfrans keçirdi. O konfransda mən də iştirak elədim. Bu konfransı ölkə Prezidenti cənab İlham Əliyev də təbrik elədi.
Azərbaycanın bu Konvensiyaya qoşulması yuxarıda sadaladığım vəzifələrin həyata keçirilməsində ölkəmizin üzv dövlətlərlə birgə fəaliyyətini və əməkdaşlığını təmin edəcəkdir. Xahiş edirəm, Azərbaycan Respublikasının təqdim olunan Konvensiyaya qoşulmasına səs verəsiniz. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Fazil Mustafayevin əlavəsi var.
F. Mustafeyev. Yaxşı ki, Eldar müəllim izahat verdi. Bəyanat əlavə olunmadığına görə təklif edəcəkdim ki, 21-ci maddədə biz Dağlıq Qarabağla bağlı məsələni qeyd eləyək. Bu kimi konvensiyalara qoşularkən biz fürsəti dəyərləndirməli və hər dəfə xatırlatmalıyıq ki, belə bir məsələ var. Ona görə də bu təklifi səsləndirmirəm.
Amma qeyd etmək istədiyim ikinci bir məsələ də var ki, onu nəzərinizə çatdırmaq fikrindəyəm. Burada bizim üzvlük haqqımız frankla hesablanıb. Mən bilirəm ki, bu kimi sənədlərdə, xüsusilə də 1950-ci, 60-cı, 70-ci illərin sənədlərində üzvlük haqqı bu cür hesablanıb. Amma indi mövcud pul vahidi avrodur. Bəs onda Azərbaycan üzvlük haqqını hansı valyuta ilə ödəməlidir? Bu kimi sənədlər təqdim olunanda millət vəkillərinə bununla bağlı da arayış verilərsə, yaxşı olar. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, bu məsələyə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 16.59 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Azərbaycan Respublikası Hökuməti və Kuba Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasportlara malik olan vətəndaşların vizasız gediş-gəlişi haqqında Sazişin təsdiq edilməsi barədə. Gültəkin Hacıyeva.
G. Hacıyeva. Oqtay müəllim, icazə verin, yerdən təqdim edim. Azərbaycan Respublikası Hökuməti ilə Kuba Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasportlara malik olan vətəndaşların vizasız gediş-gəlişi haqqında Sazişin bağlanması Azərbaycan Respublikasının inkişaf edən beynəlxalq əlaqələrinin göstəricisidir. Ölkəmiz bir sıra ölkələrlə belə sazişlərə imza atıb. Kuba Respublikası ilk baxışdan Azərbaycandan uzaq olsa da, Azərbaycan üçün ən azı orada olan turizm resurslarının zənginliyi baxımından çox cəlbedici bir ölkədir. Mən düşünürəm ki, dünyanın nə qədər çox ölkəsi ilə Azərbaycan arasında əlaqələr mövcud olsa, Azərbaycanın dostluq münasibətləri nə qədər çox inkişaf etsə, bu, sözsüz ki, Azərbaycanın beynəlxalq nüfuzunun bir o qədər çox artmasına təsir eləyər. Elə sənədin özündə də göstərilir ki, bu sazişin imzalanması Kuba ilə Azərbaycan arasında dostluq münasibətlərinin inkişafının təşviqinə yönələn bir addımdır.
Bu sənədin mahiyyəti ondan ibarətdir ki, Azərbaycan tərəfindən diplomatik pasporta və xidməti pasporta malik olan insanlar, Kuba tərəfindən isə rəsmi pasport adlanan, yəni diplomatik pasportun və xidməti pasportun analoqu olan pasportlara malik olan şəxslər qarşı tərəfin ərazisinə vizasız daxil olmaq, 90 gün ərzində orada qalmaq, oranı tərk etmək hüququna malikdirlər. Bu zaman, sadəcə olaraq, əvvəlcədən müvafiq ölkənin xarici işlər nazirliyi xəbərdar edilməlidir. Ölkəyə turizm məqsədilə gələn və həmin ölkədə diplomatik missiyada, konsulluq müəssisəsində və beynəlxalq təşkilat yanında fəaliyyət göstərən daimi missiyada çalışan şəxsin akkreditasiya məsələsi həll olunmalıdır. Akkreditasiya məsələsi həll olunduqdan sonra bu şəxs 90 gün müddətində ölkədə vizasız qalmaq hüququ əldə edir. Eyni zamanda, qeyd olunur ki, o müddət 90 günü keçərsə, həmin şəxslər hər iki ölkə ərazisinə daxil olmamışdan öncə ümumi qaydada viza əldə etməlidirlər və yalnız viza əldə etdikdən sonra onlar bu hüququ qazanırlar.
Burada göstərilir ki, ictimai asayişin qorunması üçün milli təhlükəsizlik və vətəndaşların sağlamlığına təhlükə olduqda bu sazişin qüvvəsi dayandırıla bilər. Saziş müddətsiz imzalanır, qeyri-müəyyən müddətə bağlanır. Lakin eyni zamanda, göstərilir ki, tərəflər 30 gün öncə xəbərdarlıq etməklə bu sazişdən çıxmaq hüququnu özündə saxlayırlar. Ümumilikdə, mütərəqqi sazişdir, mütərəqqi sənəddir. Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov tərəfindən 2006-cı il sentyabr ayının 29-da Havana şəhərində imzalanmışdır. Kuba Respublikasının hökuməti adından da müvafiq səlahiyyətli şəxs tərəfindən sazişə imza atılmışdır. Düşünürəm ki, Azərbaycan vətəndaşlarının xaricə problemsiz gediş-gəlişinə təkan verəcək bu sazişin Milli Məclis tərəfindən ratifikasiya edilməsi məqsədəuyğundur. Mən hörmətli həmkarlarımı bu sənədə səs verməyə çağırıram.
Sədrlik edən. Sağ olun. Sazişin təsdiq olunmasına münasibətimizi bildirək.

Səsvermənin nəticələri (saat 17.03 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: qəbul edildi

Qəbul edildi.
Gündəliyin 7-ci məsələsi. Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr edilməsi haqqında. Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov.
Ə. Hüseynov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri.
Çox sağ olun, cənab Sədr. Hörmətli həmkarlar, cənab Prezident tərəfindən Mülki Məcəllənin 146-cı maddəsinə və “Dövlət rüsumu haqqında” Qanuna əlavələr təklif olunur. Qısaca məlumat vermək istəyirəm. Bilirsiniz ki, Mülki Məcəllənin 146-cı maddəsi daşınmaz əmlaka hüququn əmələ gəlməsi məsələsinə həsr olunub. Ümumi müddəaya görə, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir və dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində bağlanmış əqdlər etibarsız hesab olunur. Bu, ümumi bir müddəadır.
Bilirsiniz ki, son dövrdə parlament tərəfindən “İpoteka haqqında” Qanun qəbul olundu. Sonra cənab Prezident bu qanunun tətbiqi ilə bağlı fərman imzaladı. Nəhayət, bu yaxınlarda cənab Prezident tərəfindən ipoteka kreditlərinin verilməsi mexanizminin təkmilləşdirilməsi haqqında da mühüm bir fərman imzalandı. Bu fərmanın tətbiqi ilə bağlı və bütövlükdə ipoteka kreditlərini əldə etmək mexanizmini sadələşdirmək məqsədilə Mülki Məcəllənin 146.3-cü maddəsinə ikinci hissə əlavə olunur. Yəni qısaca mahiyyət ondan ibarətdir ki, bundan sonra ipoteka kreditindən istifadə etməklə əldə olunan yaşayış sahəsinin üzərində alıcının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınanadək özəlləşdirmə haqqında sənəd əldə olunmadan da alğı-satqılar, ipoteka qoyulmasına dair qarışıq müqavilələr və alğı-satqı müqavilələri notariatlar tərəfindən artıq etibarsız hesab olunmayacaq. Bu dəyişikliyin əsas məqsədi ipoteka kreditlərinin verilməsi mexanizmini yüngülləşdirməkdən və bu şərtləri sadələşdirməkdən ibarətdir. Bu baxımdan hesab edirəm ki, cənab Prezident tərəfindən Mülki Məcəlləyə edilən bu əlavə çox əhəmiyyətlidir. Onun tətbiqi vətəndaşlar, xüsusən güzəştli şərtlərlə ipoteka əldə etmək istəyən insanlar üçün rahat şərait yaradacaq. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Başqa təklif yoxdur? Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 17.06 dəq.)
Lehinə  87
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0
İştirak edir  87
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Gündəliyin 8-ci məsələsinə keçirik. İqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə.
Z. Səmədzadə, Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının sədri.
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 28 noyabr tarixli Qanununun II hissəsinə “yanvarın 1-dən” sözlərindən sonra “onun I hissəsinin 8-ci bəndi isə 2007-ci il martın 15-dən” sözləri əlavə olunur. Bu da müəyyən proseslərlə əlaqədardır. Başqa təklif yoxdur. Ona görə istərdim, səs verəsiniz.
Sədrlik edən. Səsə qoyulur. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 17.08 dəq.)
Lehinə 86
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 87
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Gündəliyin növbəti məsələsi. Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavə edilməsi barədə. Aqrar siyasət daimi komissiyasının sədri Eldar İbrahimov.
E. İbrahimov. Çox sağ olun, hörmətli cənab Sədr. Təqdim olunmuş qanun layihəsində aqrar bölməyə aid olan “Seleksiya nailiyyətləri haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü və 28-ci maddələrinə, “Taxıl haqqında” Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsinə, “Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikası Qanununun 5.2-ci və 6.1-ci maddələrinə, “Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 6.3-cü maddəsinə, həmçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 121.0.2-ci, 121.0.3-cü maddələrinə dəyişikliklər və əlavə edilməsi təklif olunur. Nəzərinizə çatdırmaq istəyirəm ki, bu dəyişikliklərin və əlavənin edilməsi Milli Məclis tərəfindən 2005-ci il sentyabrın 20-də qəbul edilmiş “Toxumçuluq haqqında” Azərbaycan Respublikası Qanununda əlavələr və dəyişikliklər edilməsi barədə” Qanunun tətbiqi ilə əlaqədardır. Yuxarıda qeyd olunan qanunların müvafiq müddəaları bu qanuna uyğunlaşdırılır.
“Seleksiya nailiyyətləri haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin “b” bəndinin beşinci abzasında “səciyyəvi və fərqli xüsusiyyətlərinin əlamətləri” sözləri “səciyyəvi xüsusiyyətlərinin fərqlilik əlamətləri” sözləri ilə əvəz edilir və həmin qanunda “Patent sahibinin gəliri və müəlliflərinin mükafatlandırılması” adlı 28-ci maddəyə aşağıdakı məzmunda beşinci hissə əlavə edilir: “Sort müəllifinə və patent sahibinə toxumdan istifadəyə görə müvafiq olaraq mükafatın və haqqın ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir”.
“Taxıl haqqında” Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsində “və ya onun tanınması barədə şəhadətnaməsi” sözləri “və fito-sanitar sertifikatı” sözləri ilə əvəz edilir.
“Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikası Qanununda tütün toxumlarının istehsalından bəhs edən 5.2-ci maddənin mətni dəyişdirilir və aşağıdakı redaksiyada verilir: “Orijinal, super elit və elit tütün toxumlarının istehsalı sortun müəllifinin və ya patent sahibinin nəzarəti altında elmi tədqiqat və tədris müəssisələrinin təcrübə təsərrüfatlarında, reproduksiyalı tütün toxumlarının istehsalı dövlət və bu fəaliyyət növü ilə məşğul olan ixtisaslaşdırılmış özəl toxumçuluq subyektlərində həyata keçirilir. Sort müəllifləri qanunvericiliyə uyğun olaraq fərdi qaydada super elit və elit tütün toxumlarının istehsalı ilə məşğul ola bilərlər”. Eyni zamanda, bu qanunun 6.1-ci maddəsində “normalara” sözü “şərtlərə” sözü ilə əvəz edilir.
“Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 6.3-cü maddəsində “şəhadətnamə” sözü “uyğunluq sertifikatı” sözləri ilə əvəz olunur.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 121.0.2-ci maddəsində “şəhadətnaməsi” sözü “uyğunluq sertifikatı” sözləri ilə, 121.0.3-cü maddəsində isə “toxumların qiymətləndirilməsi” sözləri “toxum partiyasının keyfiyyətinin qiymətləndirilməsi” sözləri ilə əvəz edilir.
Hörmətli həmkarlarım, diqqətinizə çatdırmaq istəyirəm ki, bu əlavə və dəyişikliklər Aqrar siyasət daimi komissiyasının Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyası ilə birgə iclasında müzakirə edilmiş və iştirak edən deputatlar tərəfindən dəstəklənərək Milli Məclisin müzakirəsinə tövsiyə edilmişdir. Ona görə hörmətli həmkarlarımdan xahiş edirəm, bu təklifə səs versinlər.
Sədrlik edən. Başqa təklif yoxdur? Xahiş edirəm, münasibətimizi bildirək.

Səsvermənin nəticələri (saat 17.12 dəq.)
Lehinə 84
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 84
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
10-cu məsələ. Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında. Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov.
Ə. Hüseynov. Çox sağ olun, cənab Sədr. Cənab Prezident tərəfindən “Prokurorluq haqqında” Qanuna və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanuna əlavələr və dəyişikliklər təklif olunur. Mən bu qanun layihəsinin qısaca mahiyyətini diqqətinizə çatdırmaq istərdim. Bilirsiniz ki, son illər Naxçıvan Muxtar Respublikasında həyata keçirilən sosial-iqtisadi islahatlar hüquq institutlarının da təkmilləşdirilməsini, insan hüquqlarının müdafiəsi mexanizmlərinin və ədalət mühakiməsinin səmərəliliyinin artırılmasını, o cümlədən əhalinin yüksək keyfiyyətli hüquqi yardımla təmin olunmasını zəruri etmişdir. Bilirsiniz ki, məhkəmə-hüquq islahatları çərçivəsində qəbul olunmuş qanunlar əsasında Naxçıvan Muxtar Respublikasında insan hüquqları üzrə müstəqil müvəkkil təsisatı yaradıldı. “Məhkəmələr və hakimlər haqqında” Qanuna etdiyimiz dəyişikliklər nəticəsində Naxçıvanda artıq Ağır Cinayətlərə dair İşlər üzrə Naxçıvan Muxtar Respublikasının Məhkəməsi və ədliyyə sistemində digər yeni təsisatlar yaradılmışdır.
Hörmətli həmkarlarım, təsadüfi deyildir ki, cənab Prezident tərəfindən bu yaxınlarda “Naxçıvan Muxtar Respublikasında hüquq institutlarının inkişafı haqqında” 2006-cı il 2 noyabr tarixli xüsusi bir fərman da imzalanmışdır. Həyata keçirilən bu siyasətin tərkib hissəsi kimi cənab Prezident tərəfindən “Prokurorluq haqqında” Qanuna təklif olunan əlavə və dəyişikliklərlə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prokurorluğunun tərkib hissəsi kimi Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun yaradılmasının  qanunvericilik bazası müəyyənləşdirilir. Təklif olunan əlavə, eyni zamanda, Naxçıvan Muxtar Respublikası hərbi prokurorunun Azərbaycan Respublikası Hərbi Prokurorluğunun kollegiyasının tərkibində olması məsələsini də həll edir.
İkinci qisim düzəlişlər isə “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanuna edilən əlavələrlə, yəni Naxçıvanda hərbi prokurorluq strukturunun yaradılması ilə bağlıdır. Daha doğrusu, bunlar prokurorluq orqanlarına qəbulun ümumi prinsiplərinə əsaslanaraq, Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğunda qulluq keçmə məsələlərini tənzimləyir.
Hesab edirəm ki, ölkədə həyata keçirilən hüquq sisteminin müasirləşdirilməsinə uyğun olaraq bu gün Naxçıvan Muxtar Respublikasında da hərbi prokurorluğun yaradılması zəruridir. Belə bir qanunun qəbul edilməsi, daha doğrusu, “Prokurorluq haqqında” və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanunlara əlavə və dəyişikliklər edilməsi çox vacibdir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Fazil Mustafayev.
F. Mustafayev. Çox sağ olun. Hörmətli Sədr, sadəcə olaraq, iki məsələyə istəyirəm aydınlıq gətirilsin. Burada deyilir ki, 10.05-ci maddədə filan sözlərdən sonra “Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun şöbə rəisləri” sözləri əlavə edilsin. Amma 14.1-ci maddədə məsələ müvafiq formada qoyulmur. Bu maddədə yazılıb: “Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğunda şöbələr və digər struktur bölmələri yaradıla bilər”. Niyə yaradıla bilər? Burada məsələ qəti şəkildə qoyulmalıdır. Əgər digər maddələrdə bu strukturların rəhbərləri təsdiq olunursa, mən hesab edirəm, burada da birmənalı şəkildə göstərilməlidir ki, yaradılır.
İkinci qeydim. 14.1-ci maddənin dördüncü hissəsində deyilir: “Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun işçilərini Azərbaycan Respublikasının Baş prokuroru vəzifəyə təyin və vəzifədən azad edir. Naxçıvan Muxtar Respublikasının hərbi prokuroru həmin şəxslərin vəzifəyə təyin və vəzifədən azad edilməsi barədə təqdimat verə bilər”. Məncə, hörmətli Əli müəllim özü də təsdiq edər ki, bunu “təqdimat verə bilər” formasında yazmaq olmaz. Burada birmənalı göstərilməli idi ki, bu işçiləri vəzifəyə Baş prokuror təyin edir, ya da yazılmalı idi ki, bu işçilər vəzifəyə Naxçıvan Muxtar Respublikası hərbi prokurorunun təqdimatı ilə Baş prokuror tərəfindən təyin edilir. Gələcəkdə müəyyən ziddiyyətlər yaranmasın deyə bu məsələlərdə düzəliş edilməsi vacibdir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Siyavuş Novruzov.
S. Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Mən də Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun yaradılması ilə əlaqədar olaraq bu düzəlişlərin edilməsinin tərəfdarıyam. Çünki bəzən orada elə çətin hava şəraiti yaranır ki, həmin insanlar cinayətlə bağlı məsələlərin həlli üçün Bakı şəhərinə gələ bilmirlər. Elə olur ki, bir ay uçuş dayanır. Başqa nəqliyyat vasitələri ilə də bağlı müəyyən problemlər yaranır. Hətta elə dağlıq ərazilər var ki, o ərazilərdən 4-5 ay aşağı düşmək mümkün olmur. Hərbçilərimiz orada keşik çəkirlər. Xüsusilə Şahbuz rayonu dağlıq rayondur, bir yayda getmək olur, bir də yazda gərək oradan çıxasan. Qalan dövr ərzində bütün insanlar orada qalır. Bu addımın atılması orada insanların əziyyətinin yüngülləşdirilməsinə xidmət edəcək. Ona görə də deputat həmkarlarımdan xahiş edirəm ki, bu düzəlişə səs versinlər.
Sədrlik edən. Başqa təklif yoxdur? Əli müəllim, suala cavab verin.
Ə. Hüseynov. Mən, cənab Sədr, onu demək istəyirəm ki, Fazil müəllimin qeydləri məntiqidir. Biz bunu qanunvericilik təşəbbüsünün subyekti ilə mütləq müzakirə edəcəyik. Texniki məsələlər olsa da, hər halda işin xeyrinə olan təkliflərdir. Elə bilirəm ki, bunu nəzərə alacağıq.
Z. Əsgərov, Milli Məclis Sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədri.
Əli müəllim, mən hesab edirəm ki, burada hər şey qaydasındadır. Fazil müəllimin dediyi 10.5-ci maddədə köməkçi hesab edilməyən şöbə rəislərindən, 14.1-ci maddədə isə köməkçi hesab edilən şöbə rəislərindən söhbət gedir. Bunlar tamamilə başqa şeylərdir və qanunda hər şey qaydasındadır. Fikrimi çatdırdım, Əli müəllim?
Sədrlik edən. Oldu. Xahiş edirəm, məsələyə münasibətimizi bildirək.

Səsvermənin nəticələri (saat 17.20 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
“Toxumçuluq haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişikliklər edilməsi barədə. Aqrar siyasət daimi komissiyasının sədri Eldar İbrahimov.
E. İbrahimov. Çox sağ olun, hörmətli Sədr. Hörmətli deputatlar, Aqrar siyasət daimi komissiyası tərəfindən Milli Məclisin müzakirəsinə təqdim edilmiş “Toxumçuluq haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişikliklər edilməsi barədə qanun layihəsi Kənd Təsərrüfatı Nazirliyinin Milli Məclisin Sədri hörmətli cənab Oqtay Əsədova müraciəti əsasında hazırlanmışdır. Qanun layihəsində “Toxumçuluq haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə dəyişikliklər və bu maddəyə beşinci hissənin əlavə edilməsi təklif olunur.
Nəzərinizə çatdırmaq istəyirəm ki, ölkədə müasir tələblərə cavab verən toxumçuluq sisteminin yaradılması məhsuldarlığın yüksəldilməsi və keyfiyyətin yaxşılaşdırılması hesabına istehsalçıların gəlirlərinin artmasını təmin etməklə, ərzaq məhsullarına və eləcə də xammala olan yerli tələbatı maksimum ödəməyə imkan verər. Toxumçuluq sistemi sortların yaradılması, sınağı, toxumların çoxaldılması, kondisiyaya çatdırılması, saxlanması, yayılması, marketinqi kimi bütün fəaliyyət növlərini özündə birləşdirir. Bu proseslərin həyata keçirilməsində bir çox təşkilatlar, fərdlər və təchizatçılardan ibarət bütöv bir kompleksin iştirakı nəzərdə tutulur.
Hazırda bu kompleks qeyd olunan proseslərin yalnız bir hissəsini yerinə yetirir. Bir çox hallarda fermerlər özlərinin istehsal etdiyi və ya bazardan aldığı, sortu və keyfiyyəti məlum olmayan, dövlət standartlarının tələblərinə cavab verməyən toxumlarla səpin aparırlar ki, bu da məhsuldarlığın və istehsal olunan məhsulların keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Keyfiyyətsiz, dövlət standartlarının tələblərinə uyğun olmayan toxumlarla səpin aparılması nəticəsində ölkədə hər il təxminən 500 min ton məhsul itirilir.
Doğrudur, “Toxumçuluq haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsində müəyyən edilmiş kvotaya əsasən ilkin toxumçuluğun (orijinal, super elit) dövlət tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulmuşdur. Lakin bu, respublika üzrə ümumi toxum tələbatının az bir hissəsini təşkil edir. İlkin toxumçuluqdan sonrakı mərhələdə isə elit və yüksək reproduksiyalı toxum istehsalının subsidiyalaşdırılması nəzərdə tutulmadığından, tələb olunan həcmdə keyfiyyətli toxum əldə etmək mümkün olmur. Odur ki, Aqrar siyasət daimi komissiyası “Toxumçuluq haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsində aşağıdakı əlavə və dəyişikliklərin edilməsini məqsədəmüvafiq hesab edir:
1. Dördüncü hissədə “orijinal və super elit toxumların” sözləri “orijinal, super elit və elit toxumların” sözləri ilə əvəz edilsin.
2. Maddəyə aşağıdakı məzmunda beşinci hissə əlavə olunsun və beşinci və altıncı hissələr müvafiq olaraq altıncı və yeddinci hissələr hesab edilsin:
“Toxumçuluq və tinglik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən təsərrüfatlara subsidiya ödənilir. Subsidiyanın miqdarı, verilmə mexanizmi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir”.
Hörmətli deputat həmkarlar, göründüyü kimi, bu dəyişikliklər toxumçuluq sahəsində də fermerlərə güzəştin verilməsini nəzərdə tutur. Bu qanun layihəsi Aqrar siyasət daimi komissiyasında geniş müzakirə olunub və Milli Məclisin müzakirəsinə tövsiyə edilib. Xahiş edirəm, bu qanun layihəsinə səs verin. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Gülhüseyn Əhmədov.
G. Əhmədov. Təşəkkür edirəm, hörmətli Sədr. Eldar müəllim təqdim olunan qanun layihəsi barədə çox dəqiq izahat verdi. Həqiqətən, dənli bitkilərin istehsalının artırılması üçün birinci şərt toxumun keyfiyyətli olmasıdır. Keyfiyyətli toxum, ting istehsal edəriksə, həm daxili bazarda ehtiyacı ödəyər, həm də məhsullarımızı xarici bazara çıxara bilərik. Ona görə bu gün fermerlərə, kəndli fermer təsərrüfatlarına yüksək reproduksiyalı, keyfiyyətli toxum və ting materialları çox lazımdır.
Kənd təsərrüfatı məhsullarının istehsalında toxumçuluq və tinglik ən vacib və xüsusi diqqət tələb edən sahələrdən biridir. Mövcud toxumçuluq sisteminə uyğun olaraq orijinal, super elit və elit toxumların istehsalı elmi müəssisələrin təcrübə stansiyalarında, regional aqrar elmi mərkəzlərdə, reproduksiyalı toxumların istehsalı isə nazirliyin xüsusi təsərrüfatlarında və özəl toxumçuluq təsərrüfatlarında həyata keçirilir. Son illərdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən xüsusi toxumçuluq təsərrüfatları yaradılıb. Ancaq onlar bu gün Azərbaycanda dənli bitkilərin əkilməsi üçün toxuma olan tələbatı ödəyə bilmir. Hazırda Azərbaycanda standart toxumlara olan tələbat 15-20 faiz ödənilir. Qalan 80 faiz isə haradansa alınıb gətirilən sıravi toxumlardır. Bu, əlbəttə, məhsuldarlığın artmasına mənfi təsir göstərir.
Yadınızdamı, 1993-1994-cü illərdə Azərbaycanda taxıl çatışmazlığı oldu. Çox ağır vəziyyət yarandı. O dövrdə Azərbaycanın milyonlarla dollar vəsaiti xərcləndi, İrandan, Rusiyanın Stavropol vilayətindən toxum gətirildi. Ancaq bu, əkin üçün yararlı toxum deyildi, sıravi taxıl idi. Onun kəndlilər tərəfindən alınıb əkilməsi isə Azərbaycanda müxtəlif taxıl xəstəlikləri əmələ gətirdi və bu da böyük çətinliklər yaratdı.
Bu gün Azərbaycanda Elmi Tədqiqat Əkinçilik İnstitutunda akademik Cəlal Əliyevin rəhbərliyi ilə məhsuldar taxıl sortları yaradılır. O sortların yüksək reproduksiyalı toxumlarının yetişdirilməsi və ümumiyyətlə, ölkəmizdə toxumçuluğun inkişaf etdirilməsi üçün bu əlavə və dəyişikliklərin qəbul edilməsi çox vacibdir. Hətta sovet dövründə super elit toxumların yetişdirilməsi üçün büdcədən subsidiyalar ayrılırdı. Bu gün də inkişaf etmiş Avropa ölkələrində, Orta Asiyanın bəzi dövlətlərində toxumla məşğul olan müəssisələrə əlavə maliyyə vəsaiti, subsidiyalar ayrılır.
Mən də həmkarlarımdan xahiş edirəm, “Toxumçuluq haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə bu qanun layihəsinə səs versinlər. Çünki Azərbaycanda gələcəkdə məhsul istehsalının artırılması üçün bu gün toxumçuluğun inkişaf etdirilməsi vacib şərtdir. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Başqa təklif yoxdur? Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 17.28 dəq.)
Lehinə 86
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 87
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ. “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikası Qanununa əlavə edilməsi barədə. Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov.
Ə. Hüseynov. Çox sağ olun. Cənab Sədr, hörmətli həm-karlarım! Bildiyiniz kimi, 2005-ci ildə Azərbaycanda ilk dəfə olaraq majoritar seçki sistemi əsasında demokratik parlament seçkiləri keçirilmişdir. Millət vəkillərinin seçilmiş olduqları dairədə vətəndaşlar ilə daha sıx təmas qurması üçün işlək mexanizmin yaradılması zəruri bir məsələyə çevrilmişdir. Bu baxımdan deputat köməkçisi institutunun yaradılması fikrinin artıq formalaşması və cənab Prezidentin büdcənin tətbiqi ilə bağlı fərmanında bu məqsədlə maliyyə təminatının nəzərdə tutulması bizi “Azərbaycan Respubli-kası Milli Məclisi deputatının statusu haqqında” Qanuna əlavə etmək təklifi ilə çıxış etməyə vadar etmişdir. Artıq belə bir institutun yaradılması fikri var. Cənab Prezidentin büdcənin tətbiqi ilə bağlı fərmanında bu məsələ artıq öz əksini tapmışdır, yəni maliyyələşmə var.
Bu institutun yaradılmasının hüquqi bazası olmalıdır. Bu baxımdan Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyası “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanuna yeni bir əlavənin edil-məsi təklifi ilə çıxış etmişdir. Biz təklif edirik ki, “Azər-bay-can Respublikası Milli Məclisi deputatının statusu haqqın-da” Qanuna yeni bir maddə “Deputatın köməkçisi” adlanan 21.1-ci maddə əlavə olunsun. Qanuna bu əlavənin edilməsində məqsəd Azərbaycan Parlamentinin fəaliyyətində yeni bir institutun hüquqi əsaslarını müəyyən etməkdir.
Bildirmək istəyirəm ki, belə bir təsisatın yaradılması və bununla əlaqədar deputat köməkçilərinin işə qəbulu, statusu, fəaliyyət prinsipləri Konstitusiyamıza uyğun olaraq dövlət hakimiyyəti orqanları sırasında Azərbaycan Parlamentinin yeri və roluna əsaslanır. Biz ilk növbədə bunu əldə əsas tutmalıyıq. Eyni zamanda, cənab Sədrin tapşırığı əsasında Avropa Şurasına üzv olan ölkələrin təcrübəsini də öyrənmişik. Çünki bu, Azərbaycanda yeni bir təsisatdır. Milli Məclis deputatlarının qanunvericilik fəaliyyətində ən yaxın köməkçisi Milli Məclisin Aparatıdır. Bu, dəfələrlə vurğulanıbdır. Bu baxımdan deputat köməkçilərinin məhz seçki dairələrində çalışıb fəaliyyət göstərmələri fikri daha əsaslıdır.
Öyrənilmiş təcrübə onu göstərir ki, heç də bütün dövlətlərdə deputatlar köməkçilərə malik deyillər. Misal üçün, Estoniya, Sloveniya kimi dövlətlərdə deputat köməkçiləri mövcud deyil. Amma əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da belə bir təsisatın yaradılması parlamentin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində mühüm addımdır. Bu, ilk növbədə millət vəkilinin seçilmiş olduğu dairədə seçiciləri ilə daha sıx təmas qurması və onların problemlərini daha operativ həll etməsi üçün yaradılan çox mühüm bir mexanizmdir. Hesab edirəm ki, bu mexanizmdən səmərəli istifadə vətəndaşların problemlərinin və müraciətlərinin həm yerli, həm də digər səviyyələrdə həllinə yardımçı olacaqdır.
Qanuna edilən əlavədə belə bir fikir öz əksini tapır ki, deputat köməkçiləri Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına saxlanılır. Avropa Şurasına üzv olan ölkələrin təcrübəsi də onu göstərir ki, əksər ölkələrdə köməkçilərin məvacibi dövlət büdcəsindən ödənilir. Bizdə bu məsələ cənab Prezidentin fərmanı ilə tənzimlənir. Millət vəkilinin köməkçisinin Milli Məclis Aparatının məsləhətçisi səviyyəsində məvaciblə təmin olunması nəzərdə tutulub.
Qanuna əlavə olunan əsas müddəalardan biri də ondan ibarətdir ki, deputat köməkçisinin işə qəbulu əmək qanunvericiliyinə uyğun olaraq tənzimlənir. Bu sahədə də təcrübə öyrənilib. İki dövlət istisna olmaqla, bütün dövlətlərdə deputat köməkçisinin işə qəbulu əmək qanunvericiliyinə uyğun olaraq tənzimlənir, yəni əmək müqaviləsi əsasında həyata keçirilir. Qardaş Türkiyə Respublikasında, Belçikada, Böyük Britaniyada və Yunanıstanda da bu məsələ əmək müqaviləsi əsasında tənzimlənir. Hər iki tərəf üçün bu daha məqbul bir variantdır. Rusiyada bu, dövlət qulluqçusu hesab edilsə də, fəaliyyət müddəti deputatın səlahiyyət müddəti ilə məhdudlaşır.
Nəhayət, dövrüncü müddəa. Deputat köməkçilərinə aid tələblər Milli Məclis Sədrinin sərəncamı ilə müəyyən edilir. Deputat köməkçilərinə aid tələblər müddəası da bir çox dövlətlərin, o cümlədən Türkiyə və Rusiyanın təcrübəsi əsasında işlənib hazırlanmışdır. Bu tələblər sırasında deputat köməkçisinin ali təhsilli və müəyyən əmək stajına malik olması, hərbi xidmət keçməsi, o cümlədən köməkçinin millət vəkili ilə qohumluq əlaqələrinin olmaması və ağır cinayətlərə görə məsuliyyətə cəlb olunmaması əsas şərtlərdir. Bu məhdudiyyətlər deputat köməkçisi institutuna ciddi yanaşmanın nəticəsidir. Müddətli əmək müqaviləsinin mövcud olması yarana biləcək problemlərin həllində ən optimal bir vasitədir. Müddətli əmək müqaviləsinin forması artıq işlənib hazırlanmışdır. Millət vəkilləri onunla tanış ola bilərlər.
Sonda onu da qeyd etmək istəyirəm ki, yanvar ayında cənab Sədrin sərəncamı ilə artıq parlament aparatının nəzdində Milli Məclis deputatlarının köməkçiləri ilə iş sektoru yaradılmışdır ki, bu da köməkçilərə kargüzarlıq qaydalarını öyrətmək, onları qanunvericilik topluları ilə tanış etmək, onların maddi-texniki təminatı və peşə hazırlığı məsələlərini həll etmək məqsədi güdür. Demək istədiklərim bu qədər. Hesab edirəm ki, bizim təqdim etdiyimiz qanuna bu əlavə deputat köməkçisi institutunun hüquqi bazasının yaradılmasına xidmət edir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Fazil Mustafayev.
F. Mustafayev. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Prinsipcə deputat köməkçisi məsələsinin gündəmə gətirilməsini alqışlayıram və ona dair tələbləri də normal qəbul edirəm. Amma bunun qəbulu formasına öz etirazımı bildirirəm. Ən azı ona görə ki, gələcəkdə bu, mətbuatda və başqa yerlərdə Konstitusiya ilə, bizim Daxili Nizamnamə ilə əlaqəsi olan bir mövzu kimi müzakirə predmetinə çevrilməsin. Ona görə biz bu gün daha səlis, daha düzgün korrektə olunmuş sənəd qəbul etməliyik.
Bu layihədə deyilir ki, köməkçinin işə qəbulu əmək qanunvericiliyi ilə tənzimlənir. Əmək Məcəlləsinin 48-ci maddəsində birmənalı olaraq göstərilib ki, bu hansı formada, hansı qaydada tənzimlənir. Burada əlavə tələblərin irəli sürülməsinə qadağa qoyulur. Ona görə də hesab edirəm ki, bu əgər Əmək Məcəlləsi ilə həyata keçirilirsə, burada sərəncam formasında əlavə tələblər ortaya qoyulmamalıdır. Digər tərəfdən Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin 31-ci maddəsində yazılıb: “Milli Məclisin Sədri öz səlahiyyətlərinin həyata keçirilməsi ilə əlaqədar sərəncamlar qəbul edir”. Yaxşı, əgər belədirsə, deputat köməkçisi ilə Milli Məclis Sədrinin səlahiyyətlərinin həyata keçirilməsi arasında nə əlaqə var? Ona görə də Sədrin bu barədə sərəncamının qəbul olunması üçün mən heç bir hüquqi əsas görmürəm.
Digər tərəfdən, Konstitusiyanın 95-ci maddəsində də Milli Məclis Sədrinə belə məsələlərdə xüsusi bir səlahiyyət verilmədiyini nəzərə alaraq təklif edirəm ki, bizə təqdim olunan bu qanun layihəsində aşağıdakı düzəlişlər edilsin. 1-ci bənddə göstərilsin ki, deputat öz işinin səmərəliliyini artırmaq məqsədi ilə ona köməkçi təyin edilməsi barədə Milli Məclis Sədrinə təqdimat verə bilər. Məncə, bu məsələ mütləq deputatın təqdimatı ilə həll olunmalıdır. Çünki ona köməkçi təyin olunursa, bu, birbaşa əmək müqaviləsi ilə olmamalıdır. Belə bir müqavilə ancaq təqdimatdan sonra bağlana bilər.
2-ci, 3-cü bəndlərə iradım yoxdur. 4-cü bənd, hesab edirəm ki, buradan çıxarılmalıdır. Çünki “Deputatın köməkçisinə aid əlavə tələblər Azərbaycan Respublikası Milli Məclisi Sədrinin sərəncamı ilə müəyyən edilir” müddəası, hesab edirəm, qanuna ziddir. Bunun yerinə biz nəyi edə bilərik? Heç kimə gizli deyil ki, Azərbaycanda hər işdə qohumbazlıq, yerlibazlıq prinsipləri əsas götürülür. Milli Məclisin Sədri də bunu nəzərə alaraq, bu sferada da bu ənənə davam etməsin və daha peşəkar adamlar işə götürülsün deyə, belə bir tələblə çıxış edib. Məncə, Milli Məclisin Sədri tərəfindən millət vəkillərinə müraciət oluna bilər ki, seçildiyiniz dairədə qeydiyyatda olan müəyyən adamların təqdimatını verməyiniz daha məqsədəuyğun olar, köməkçi vəzifəsinə yaxın qohumlarınızı götürməyin. Mən hesab edirəm ki, bu forma seçilsə, daha qanunauyğun ola bilər və gələcəkdə də hər hansı bir şəkildə müzakirə predmeti olmaz.
Mən hesab edirəm ki, bu düzəlişlər əgər olarsa, buna hamılıqla səs vermək mümkündür. Diqqətinizə görə təşəkkür edirəm.

Azərbaycan  Respublikası  Milli  Məclisi  Sədrinin
birinci  müavini  Z. Əsgərov  sədrlik  edir

Sədrlik edən. Sağ olun. Aydın Mirzəzadə.
A. Mirzəzadə. Təşəkkür edirəm, Ziyafət müəllim. Deputat köməkçisi statusunun müəyyənləşdirilməsi vaxtında atılmış çox gərəkli bir addımdır. Deputatların çoxu onsuz da seçki dairəsində işlərinin təşkili ilə bağlı ştatdankənar köməkçi müəyyənləşdirmişdilər. İndi onun hüquqi cəhətdən müəyyənləşdirilməsi və onlara yüksək statusun verilməsi vaxtında atılmış bir addımdır. Eyni zamanda, bu məsələyə göstərdiyi qayğı üçün cənab Prezidentə təşəkkürümü bildirirəm. Hörmətli Əli müəllim Hüseynovun verdiyi məlumatdan bir daha yəqin etdik ki, dövlətlərin bir çoxunda deputatın köməkçisi deputatın öz hesabına saxlanılır. Amma Azərbaycan bu təcrübənin içərisində ən yaxşısına, yəni dövlət büdcəsi hesabına köməkçinin saxlanılması variantına üstünlük verir.
İki varianta münasibət bildirmək istəyirdim. Birinci, məndən əvvəl çıxış eləyən hörmətli deputat həmkarım Fazil Mustafayev Milli Məclis Sədrinin deputat köməkçisinə dair tələblər irəli sürmək hüququnun olmamasını və onun Milli Məclisin işinin təşkilinə heç bir aidiyyəti olmadığını bildirdi. Mən bunun əksini iddia edirəm, Milli Məclis Sədrinin əsas vəzifəsi, məhz Milli Məclisin işinin təşkilidir. Məgər deputatın yerlərdə seçicilərlə işləməsi də Milli Məclisin işinin təşkili ilə bağlı deyilmi? Məncə, Sədrin bu məsələlərə dair öz səlahiyyəti və Konstitusiya çərçivəsində xüsusi sərəncam verməsi qanunauyğundur və bu məsələlərdə səlahiyyəti çərçivəsində hərəkət edir.
Deputatın işinin təşkilində deputat köməkçisi ştatının əhəmiyyəti şübhəsizdir. Qeyd edim ki, lap bu günlərədək mən də köməkçinin mərkəzdə, parlamentin binasında fəaliyyət göstərməsinin tərəfdarlarından biri idim. Ancaq hüquq komissiyasının sədri hörmətli Əli Hüseynovla söhbətdən sonra onun arqumentləri məni bu qənaətə gəlməyə sövq etdi ki, köməkçilərimiz bizim seçki dairələrində fəaliyyət göstərərək bilavasitə işin təşkilində bizə yardımçı olmalıdırlar. Bu məsələdə ən qabaqcıl ölkələrin təcrübəsini əsas götürmək lazımdır.
Verilən tələblər də kifayət qədər məqbuldur. Bəzən arqumentlər səslənir ki, 5 il stajın olması tələbinin irəli sürülməsi müəyyən problemlər yaradır. Amma kim dedi ki, deputatın köməkçisi ancaq kağızla işləyəcək. Köməkçi kifayət qədər böyük həyat təcrübəsinə və iş stajına malik olmalıdır ki, meydana çıxan bir çox problemləri deputatın iştirakı olmadan da özü həll edə bilsin. Bu baxımdan onun qarşısında 5 il əmək stajının olması tələbinin qoyulması da çox düzgündür. Eyni zamanda, mən təklif edərdim, gələcəkdə Azərbaycanın büdcəsi artanda deputata sənədlər, qanunlar üzərində işləyən ikinci bir köməkçinin verilməsi məsələsini nəzərdən keçirək. Bu köməkçi, yəqin ki, artıq mərkəzdə olacaq, parlamentdə yerləşdiriləcəkdir. Beləcə verilən dəyişiklikləri düzgün sayıram, ona səs verəcəyəm.
Sədrlik edən. Sağ olun. Azay müəllim, sualınız var? Buyurun.
A. Quliyev. Təşəkkür edirəm, Ziyafət müəllim. Əvvəla, onu deyim ki, bu gün Azərbaycan Milli Məclisinin deputatlarına köməkçi ştatının verilməsi, həqiqətən, çox müsbət bir haldır. Hörmətli Əli müəllimə iki sualla müraciət edirəm. Birinci sualım. Burada deyilənlərdən belə çıxır ki, deputatın köməkçisi işə götürülən zaman Milli Məclisin Aparatı ilə əmək müqaviləsi imzalayacaq, konkret desək, işə götürən Milli Məclisin Aparatı, işçi isə köməkçi kimi təqdim olunan şəxs olacaq. Bilmək istərdim ki, belə olan halda həmin köməkçinin deputatla hər hansı bir hüquqi bağlantısı olacaqmı? Bu bağlantı təkcə təqdimatlamı məhdudlaşır, yoxsa yox?
İkinci sualım köməkçi vəsiqəsi ilə bağlıdır. Standart bir vəsiqə eskizi, yaxud nümunəsi varmı? Bu vəsiqədə köməkçinin hansı deputatın köməkçisi olduğu, yaxud hansı dairəni təmsil elədiyi göstərilir, yoxsa yox? Bu suallar bir növ bir-biri ilə bağlıdır. Yəqin ki, Əli müəllim bu suallara aydınlıq gətirəcəkdir. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Nizami Xudiyev.
N. Xudiyev. Hörmətli Əli müəllimə mənim iki sualım var. Birinci sual ondan ibarətdir ki, başqa bir vəzifədə çalışan adam eyni zamanda deputat köməkçisi ola bilərmi? Misal üçün, müəllim, həkim, məktəb direktoru, şöbə müdiri və sair tamam o işlərdən azad olub köməkçi keçməlidir, yoxsa həmin işlə bərabər həm də köməkçi ola bilər? Birinci sualım budur.
İkinci sualım da ondan ibarətdir ki, bu köməkçi dövlət qulluqçusu hesab olunur, yoxsa olunmur? Olunmursa, o, müqavilə ilə işə girir, işdən çıxır. Yox, əgər dövlət qulluqçusu hesab olunursa, onda onun statusu bir az başqa cür olmalıdır.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S. Novruzov. Təşəkkür edirəm. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Doğrudan da, belə bir addımın atılması təqdirəlayiqdir. Mən bu qanun layihəsinin iki müddəasından başqa bütün müddəaları ilə razıyam.
Əli müəllim dedi, Avropa təcrübəsindən istifadə eləyiblər. Amma görürəm ki, heç Avropanın yanından keçməyiblər. Burada yazılıb ki, deputatın köməkçisi 5 il staja malik olmalıdır. Hansı nazirin, yaxud parlament sədrinin və ya Baş nazirin köməkçisi işə götürülərkən ondan 5 il iş təcrübəsi tələb olunur? Bəlkə bu il çox savadlı bir gənc ali təhsilini fərqlənmə diplomu ilə başa vurub, hüququ gözəl bilir, Konstitusiyanı, qanunları beş barmağı kimi bilir. Mən bunu niyə köməkçi götürməyim? “5 il hüquq stajı olmalıdır” müddəasını hakimlərə tətbiq eləmək olar.
İkincisi, 1865-ci ildə Rusiyada təhkimçilik hüququ ləğv olundu. 250 ildən sonra biz Azərbaycanda bunu tətbiq edirik. Biz beynəlxalq konvensiyalara qoşulmuşuq. Dünyanın hər yerində qeydiyyat sistemi ləğv olunub. Keçmişdə Bakı qapalı şəhər idi, burada qeydiyyat sistemi mövcud idi. İndi biz hansı qanuna əsaslanıb bu qeydiyyat sistemini tətbiq edirik? Mən hesab edirəm ki, bunda deputatlara sərbəstlik vermək lazımdır. Bu, deputatın köməkçisidirsə, deputat daha yaxşı bilir ki, onu harada saxlasa, məqsədəuyğundur. Bu birinci məsələ.
İkinci məsələ. Deputatın statusunda yazılmayıb ki, onun bir poçtalyonu olmalıdır, ona məktub daşımalıdır. Hər bir deputatın üç köməkçisi olsa, birini seçildiyi yerdə saxlayar, ikisi ona başqa sahələrdə köməklik göstərər. Əgər bir köməkçidirsə, bu köməkçidən səmərəli istifadə olunmalıdır. Dövlətin 400 manat pulunu verməliyəm, bir nəfəri rayonda oturtmalıyam. İldə iki nəfər gəlib buna məktub verəcək, ya şikayət edəcək ki, oğlum belə oldu, qızım belə getdi. O da zəng eləyib mənə deyəcək ki, filankəs gəlmişdi, bunun məsələsinə bax. Bu, qəti şəkildə düz deyil. Deputat seçicisi ilə əlaqə saxlamalıdır. Bizə üç ay yayda, bir ay qışda vaxt niyə verilir? Gəzirik, görüşlər keçiririk, insanların problemlərini öyrənirik və bu problemlərin həlli üçün əlaqədar orqanlar qarşısında məsələ qaldırırıq.
Deputatın köməkçisi deputata kömək etmək üçün müvafiq qanunlardan çıxarışlar etməli, internetə girməli, lazımi sənədlərlə işləməyi bacarmalıdır. Məsələn, Əli müəllim əgər qanun təqdim edirsə, mənim köməkçim olduğu halda mən deyirəm ki, get, filan ölkələrin qanunlarını çıxart, gətir bura, görək bu məsələ onlarda necə həll olunur? Ona görə də mən hesab edirəm, köməkçinin harada oturması, deputatla rabitəsinin necə olması və sair kimi məsələləri qarşılıqlı anlaşma şəklində həll etmək olar. Amma onun oturaqlıq senzi, mən hesab edirəm ki, götürülməlidir. Çox güman ki, deputat həmkarlarım da mənim bu fikrimlə razıdırlar.
İkinci bir sual ortaya çıxır. Qaçqın rayonundan olan deputatın köməkçisi hansı rayonda oturmalıdır? Bu deputatın 56 rayonda seçicisi var. Yaxud mən iki rayondan seçilmişəm. Köməkçimi bura qoysam, o deyəcək, mənim rayonumda niyə yoxdur, ora qoysam, bu deyəcək, niyə məndə yoxdur. Eləsi var, üç rayondan seçilib, eləsi var, beş rayondan seçilib. Bakıda aydındır. Hesab edirəm ki, bu məsələyə ciddi yanaşmalıyıq. Bu məsələlərlə seçki vaxtı da rastlaşırdıq, indi də rastlaşırıq. Deputatın funksiyası və onun yerinə yetirilməsi…
Sədrlik edən. Hər şeyi dedin, kifayətdir. Aydın Həsənov.
A. Həsənov. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli deputatlar! Biz bu gün “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanuna əlavə edilməsi barədə normativ akt qəbul edirik. Amma burada yazılıb: “Deputatın fəaliyyətinin təmin edilməsi məqsədilə onun köməkçiləri ola bilər”. Deməli, ola da bilər, olmaya da bilər. Mən xahiş edirəm, burada yazılsın: “Deputatın ən azı iki köməkçisi olmalıdır”. Biz rayona gedirik. Çoxları bəlkə də işləyir, imkanı var. Mən pensiyaçı adamam. Mən Cəlilabada qatarla gedirəm. Ən azı yüz dəfə gedib-gəlməli oluram. Gör bunun yol xərci hara vurur. Aldığımız əmək haqqı da sizə məlumdur, biz onu da yola veririk. Nə benzin verirlər, nə maşın verirlər. Mən xahiş edirəm, bu barədə də bizə kömək edəsiniz ki, deputatların hörməti qalxsın.
İkincisi də, köməkçi məsələsindən söhbət gedirsə, köməkçini mən götürürəm, siz götürmürsünüz ki? Bayaq Siyavuş müəllim gözəl dedi, eləsi var, qaçqın rayonudur. Hara bölünəcək? Biz də ağıllı bir adamı seçəcəyik, seçkidə bizə kömək edib, savadlıdır, jurnalistdir, ali təhsilli hüquqşünasdır. Başqa adamı bura götürmərik, biz kənar adam deyilik, çalışırıq ki, dövlətçiliyimizi qoruyaq, seçicilərimizə kömək eləyək. Ayda bir dəfə, iki dəfə rayona gedirik. Köməkçiləri də özümüzlə götürəcəyik, yerlərə gedəcəyik. Ərizə, şikayətlər bura gəlir, yüzlərlə ərizə, şikayət gəlir. Deputat həmkarlarım desinlər, bunu çatdırmaq olmur. Mən bu ay 250-260 ərizə almışam. Çap elətdirməyə adam yoxdur, qızlar da çatdıra bilmirlər. Bunları nəzərə almaq lazımdır.
Köməkçi vermisiniz, çox sağ olun. Respublikamız günü-gündən inkişaf edir, Neft Fonduna milyardlarla pul gəlir. Lap əmək haqqını eləyək 250 manat. İki-üç köməkçi götürək, birini burada otuzduraq. Bir sürücü nədir, ona 100 manat maaş verməklə dövlətimizə nə ziyan olacaq? Amma bu, qanunda yazılsın, həm də bizim hörmətimiz olar. Dövlət maşınında gedəndə deyəcəklər, Milli Məclisin deputatı Aydın Həsənov gəlir. Ona görə xahiş edirəm, bu barədə fikirləşib bizə kömək edəsiniz, bizim hörmətimiz də artsın.

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir

Sədrlik edən. Hörmətli Aydın müəllim, biz də bunu elə ona görə edirik ki, seçicilərinizlə əlaqə yaxşı olsun, bura 260 məktub gəlməsin. Müraciət eləyənlər Sizə yerlərdə müraciət eləsinlər, Siz də hər dəfə ora getməyəsiniz, həftədə bir-iki dəfə gedəsiniz, köməkçi məruzə eləsin. Hələ köməkçi məsələsini həll eləməmişik, millət vəkilləri qəzetlərə müsahibələr verirlər ki, bizə sərhədlər qoyulur. Heç kimə sərhədlər qoyulmur. Sadəcə olaraq, biz deyirik ki, köməkçi sizin seçildiyiniz rayonda yaşayan adam olsun. Yəni siz seçildiyiniz rayonda özünüzə səviyyəli bir köməkçi götürə bilməyəcəksiniz ki, seçicilərlə işləsin, o rayonun adamı olsun? Mən hesab edirəm ki, bizim bütün rayonlarımızda belə savadlı adamlar var. Ona görə məsələni belə qoymuşuq ki, köməkçi deputatın seçildiyi rayondan olsun. Biz bu köməkçiləri Milli Məclisdə oturtmaq niyyətində olmamışıq. O, gələcəyin işidir, bir köməkçi də olar, Milli Məclisdə oturar. Ancaq indi söhbət ondan gedir ki, seçildiyiniz dairələrdə köməkçilər olsun. İcra hakimiyyətlərinə tapşırıq veriləcək, yerlərdə deputatların otaqları da olacaq. Pənah Hüseyn.
P. Hüseyn. Təşəkkür edirəm, hörmətli Sədr. Fazil Qəzənfəroğlunun olduqca əsaslı iradlarına cavab verilsə idi, bəzi məsələlərə aydınlıq gələrdi. Bu məsələ meydana gələndə, səhv eləmirəmsə, Elmira xanım təklif eləmişdi ki, bir neçə köməkçi olsun. O vaxt buna qarşı belə bir arqument qoyulmuşdu ki, yox, onlar dövlət qulluqçuları hesab olunacaq. Dövlət qulluqçularının da maaş sərhədi var, ona görə də bu bir nəfərin əməyinin ödənilməsi üçün büdcədən ayrılmış vəsaitin bölüşdürülməsi mümkün deyil. Sonra məlum oldu ki, hər halda beynəlxalq təcrübənin olmasına baxmayaraq, bizim deputat köməkçilərimiz artıq dövlət qulluqçuları hesab olunmayacaq.
Bilirsiniz ki, bizdə inzibati və yardımçı dövlət qulluqçuları var. Milli Məclisdə yeməkxananın işçilərindən tutmuş, sürücülərimizə qədər dövlət qulluqçusu hesab olunur. Amma deputatın köməkçisi dövlət qulluqçusu deyil və onun işi dövlət qulluğu deyil. Bu bütövlükdə deputat köməkçisinin statusunu əvvəlcədən aşağılamaqdır və ümumi işə heç bir faydası yoxdur. Mən, sözün doğrusu, burada hansısa hüquqi və dövlət marağının olmasını da güman eləmirəm. Məncə də, deputat köməkçisinin səlahiyyət müddəti deputatın səlahiyyət müddəti ilə sərhədlənməlidir, lakin onun bu müddətdə fəaliyyəti dövlət qulluğu hesab olunmalıdır. Mövcud qanunçuluq, o cümlədən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu da buna hansısa bir maneə qoymur. Əgər lazımdırsa, qanuna əlavə də edilə bilər.
İkincisi, çox təəssüf ki, bizdə, xüsusən nümunəvi əmək müqaviləsi deyilən sənədin özü yoxdur. Mən həmin sənədlə tanışam. Orada deputat köməkçisinə o qədər məhdudiyyətlər qoyulub ki, hörmətli Sədrin sərəncamında olan şərtlər heç nədir. Burada yazılır ki, deputat köməkçisinin işə götürülməsi əmək qanunvericiliyi ilə tənzimlənir. Həmin əmək müqaviləsində əmək qanunvericiliyinə birbaşa zidd olan bir sıra məhdudiyyətlər əksini tapır. Məsələn, deputat köməkçisinin informasiya verməsi, hətta deputatın işi ilə bağlı müsahibə verməsi qadağan olunur və sair. Yəqin ki, deputatların bir çoxu həmin sənədlə tanış deyillər. Mən hesab edirəm ki, bu, qanuna ziddir və Məclisin fəaliyyətinə heç bir səmərəlilik gətirməyəcək.
Mən bu bir illik təcrübəmdə hörmətli Siyavuş müəllimin xoşuma gələn çıxışlarından birini eşitdim. Onların yüzdə yüz hamısının altından xətt çəkib təkrar eləmək istəmirəm. Qeydiyyat absurd məsələdir. Məsələn, mən köməkçi götürürəm. Bu adam Bakıda qeydiyyatdadır. Yaxşı, o, burada qeydiyyatdan çıxıb, Sabirabadda bir yerdə qeydiyyata götürülsə, nə dəyişəcək? Hər hansı bir qaydanı, tələbi qoyanda onun nə üçün lazım olduğunu düşünmək lazımdır. Azərbaycanda qeydiyyatda olan şəxs xarici ölkələrin hər birində gedib işləyə bilir, qeydiyyat məsələsi heç bir halda işə götürülmək barədə müraciətə rədd cavabı verilməsi üçün əsas ola bilməz.
Bu qanun layihəsində “deputatın köməkçiləri” sözləri var. Qoy bir köməkçi dövlət büdcəsindən maliyyələşdirilsin və deputata səlahiyyət verilsin ki, o öz maaşı hesabına əlavə köməkçilər işə götürə bilsin və bunu hüquqi cəhətdən sənədləşdirə bilsin. Mən başa düşmürəm ki, onun başqa funksiya və vəzifələrinin yerinə yetirilməsi üçün lazım olan əlavə köməkçilər götürməsinə nəyə görə qadağa qoyulur.
Mən sözümü yekunlaşdırıram. Bütün bunlar üçün müvafiq əsasnamənin hazırlanması və Milli Məclisdə təsdiq olunması vəziyyətdən ən yaxşı çıxış yoludur. Hələlik bu məsələni bəlkə də bu tələblərlə həyata keçirmək olar. Amma ən yaxın dövrdə bizim müvafiq şöbələrimizdə hörmətli hüquqşünaslarımıza tapşırıq verilməlidir ki, belə bir əsasnamə hazırlansın və bu iş möhkəm hüquqi təməl üzərində həyata keçirilsin. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Amma Pənah bəy, bir az dəqiq öyrənin. Siz doğru demirsiniz, Milli Məclisin sürücüsü dövlət qulluqçusu deyil. Dövlət qulluqçusunu müqavilə ilə işə götürmürlər. “Dövlət qulluğu haqqında” Qanun var. Biz çox istərdik ki, köməkçini dövlət qulluqçusu kimi işə götürək. Biz başqa ölkələrin təcrübəsini öyrəndik, köməkçilər müqavilə ilə işə götürülürlər. Dövlət qulluqçusunu işə götürüb dörd ildən sonra azad eləmək heç bir qanunvericiliyə uyğun gəlmir. Ona görə bu, müqavilə ilə olacaq. Sabir Rüstəmxanlı.
S. Rüstəmxanlı. Əvvəla, Oqtay müəllim, Milli Məclis deputatlarının illər uzunu dedikləri, xahiş elədikləri, tələb elədikləri bu məsələnin, yəni köməkçi məsələsinin həll olunması bizim Milli Məclisin tarixində ciddi bir hadisədir. Ona görə mən şəxsən öz adımdan Milli Məclisin rəhbərliyinə təşəkkürümü bildirmək istəyirəm. Çünki bu, doğrudan da, çox vacib məsələdir və nəhayət, bu sessiyada öz həllini tapdı.
Amma məndən öncə çıxış eləyən millət vəkillərinin bir sıra qeyd və təkliflərinin nəzərə alınmasını zəruri hesab edirəm. Azərbaycanın əmək qanunvericiliyində qeydiyyat söhbəti yoxdur. İnsanın hansısa rayonda qeydiyyatda olması onun Bakıda işə götürülməsinə, eləcə də Bakı qeydiyyatında olan insanın rayonda gedib işləməsinə mane olmur. Ona görə, məncə, bu məsələlərdə millət vəkillərinə azadlıq verilməlidir. Millət vəkili qeydiyyatından asılı olmayaraq onun işini görə bilən bir adamı köməkçi götürəcək. Burada, məncə, qeydiyyat məsələsi bir əngələ çevrilməli deyil.
Təəssüf ki, biz başqa dövlətlərdən həmişə pis şeyi hamıdan əvvəl, yaxşı şeyi hamıdan sonra qəbul edirik. Yaxşı, mütərəqqi məsələlər Azərbaycana nədənsə çox çətin, min dənə əngəllə gəlir. Özümüz öz işimizi çətinləşdiririk. Azərbaycanda olan bürokratik məmurluq sistemi, məmurluq mühiti də bizim millət üçün keçilməz bir səddir. Bax, indi biz niyə qanunvericilik orqanlarının dünya təcrübəsində yaxşı nə varsa götürüb Milli Məclisin işinə tətbiq etməyək? Əgər millət vəkilinin hörməti qaldırılmalıdırsa, maşını olmalıdırsa, maşını olsun. Bəzi millət vəkillərinin, yəni komissiya sədrlərinin maşını var, digərlərinin yoxdur. Hətta millət vəkillərinin öz vəsaiti hesabına sürücüsü olsa da, o sürücülərin, heç olmasa, burada qeydiyyatı aparılmalı, Milli Məclisdə maaşsız da olsa, bir rəsmi vəzifəyə götürülməsi təmin olunmalıdır.
Gələcəkdə deputatların bir köməkçisi hökmən Bakıda olmalıdır, çünki məktublar hamısı bura gəlir. Rayonlarda ikinci köməkçinin olması çox zəruridir. Rayonda oturan adam bizsiz heç bir iş görə bilməyəcək. Ya biz gərək həftədə bir dəfə ora gedək, ya da köməkçimiz həftədə bir dəfə bura gəlsin. Bütün bu məsələlər tədricən həll olunacaq. Amma indi bu köməkçi ilə bağlı məhdudiyyətlər, doğrudan, bir az azaldılmalıdır. Deputatların özlərinə bu seçimdə sərbəstlik verilməlidir. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Mən Sizinlə bir şeydə razılaşıram ki, nə isə bir mütərəqqi şey eləmək istəyəndə biz həddindən çox maneələrə rast gəlirik. Ona görə bu mütərəqqiliyə, yəqin, yavaş-yavaş son qoyulmalıdır ki, çox maneçiliklər olmasın. Mən sizi əmin eləyirəm ki, yerlərdə köməkçilərin olması barədə müddəa qəbul olunmasa, heç bir rayonda köməkçi olmayacaq, hamısı Bakıda olacaq. Bizim isə məqsədimiz odur ki, deputat köməkçiləri seçki dairələrində olsunlar. İlk dəfə köməkçi təsisatını yaradırıq. Gələcəkdə ikinci köməkçi olanda Bakıda da olacaq. Bir az düz danışaq. Əmin edirəm ki, əgər o məhdudiyyət olmasa, heç kimin rayonda bir nəfər köməkçisi olmayacaq. Siz gah elə deyirsiniz, gah belə. Bu təzə təsisatdır, o get-gedə təkmilləşə də bilər.
O ki qaldı maşın məsələsinə, bu məsələ neçənci dəfədir qaldırılır. Payız sessiyasının əvvəlində də danışdıq, dedik ki, hər şeyi birdən eləmək mümkün deyil. Danışdıq ki, ilk növbədə Milli Məclisin yeni binasını tikək, deputatlar üçün daha rahat şərait yaradaq. Hərəsinin öz otağı olsun. Bunlar hamısı mərhələ-mərhələ olmalıdır. Siz hər şeyi birdən istəyirsiniz. Bu mümkün deyil axı.
Mən görürəm, bu məsələ o qədər uzandı ki, heç bu səfər köməkçiləri seçməyə də imkanımız olmayacaq. Siyahıda adam çoxdur. Əli müəllim, xahiş edirəm, fikrinizi bildirin. Sonra səsə qoyarıq.
Ə. Hüseynov. Cənab Sədr, deyəsən, bizə, doğrudan, köməkçi lazım deyil. Siz məndən də yaxşı bilirsiniz, bu məsələnin məğzində millət vəkillərinin məhz regionlarda köməkçi ilə təmin olunması durur. Cənab Prezident tərəfindən büdcədən vəsait məhz buna görə ayrılır. Məsələnin həlli yolu bu cürdür.
Sırf qanun layihəsi ilə bağlı burada iki sual meydana çıxdı. Qalan suallar əlavə tələblərlə bağlıdır ki, bu da sərəncamla tənzimlənir. Şəxsən məni o sərəncamla müəyyən olunmuş məhdudiyyətlər qane eləyir. Hesab edirəm ki, bunlar çox düzgün müəyyənləşdirilibdir. Əlavə tələblərlə bağlı, cənab Sədr, hesab edirəm ki, bizim müzakirə edə biləcəyimiz yeganə fikir qeydiyyat anlayışının daimi yaşayış yeri anlayışı ilə əvəz olunması ola bilər.
Qanun layihəsi ilə bağlı iki mübahisəli məsələ meydana çıxdı. Birincisi, Fazil müəllim çıxışında belə bir sual səsləndirdi ki, deputat köməkçilərinə əlavə tələblərin Milli Məclis Sədrinin sərəncamı ilə müəyyənləşdirilməsi qanuna, Konstitusiyaya nə dərəcədə uyğundur. Hesab edirəm ki, burada elə bir problem yoxdur. Milli Məclis Sədrinin səlahiyyətləri Milli Məclisin Daxili Nizamnaməsində müəyyənləşdirilib. Orada göstərilib ki, Milli Məclisin Sədri bu Nizamnamə ilə nəzərdə tutulmuş başqa səlahiyyətləri, deməli, o cümlədən də bunu həyata keçirə bilər.
Sırf qanun layihəsi ilə bağlı olan ikinci məsələni Pənah müəllim qaldırdı. Təklif olundu ki, millət vəkilinin köməkçisi dövlət qulluqçusu statusunda olsun. Bu məsələni çox öyrənmişik. Azərbaycanda belə bir təsisat olmayıb. Qalan ölkələr arasında ancaq Rusiyada, bir də Litvada bu, dövlət qulluğu hesab edilib. Bizim bu gün bunu dövlət qulluqçusu kimi qəbul etməyimiz işin xeyrinə deyil. Çünki burada münasibətlər tənzimlənməli, hər iki tərəfi, ilk növbədə millət vəkilini qane edən müqavilə olmalıdır. Ona görə biz elə onlarca dövlətin istifadə elədiyi əmək müqaviləsi variantına üstünlük verdik.
Digər məsələlər, yəni əlavə tələblər barədə, cənab Sədr, müxtəlif fikirlər ola bilər. Misal üçün, 5 il yox, 3 il iş stajı olsun. Şəxsən mən istəyərəm, əksinə, bu, on illərlə təcrübəsi olan bir şəxs olsun. Həmin dairədən çox nüfuzlu, tanınmış, insanları tanıyan bir adam olsun. Hərbi qulluqla bağlı olan bir əlavə hesab edirəm, çox mütərəqqi təklifdir. Ağır cinayətlərə görə məhkum olunmuş şəxsin deputat köməkçisi olmasının qarşısını alan tələb də çox mütərəqqidir. Rusiyada nə qədər millət vəkillərinin köməkçiləri kriminal elementlər olublar, nə qədər belə hadisələr olub. Yəni bu tələblərdə mən xüsusi məhdudiyyət görmürəm. Yalnız qeydiyyatla bağlı düşünürəm ki, orada qeydiyyat anlayışını daimi yaşayış yeri anlayışı ilə əvəz etsək, düzgün olar. O da, yenə deyirəm, qanun layihəsinin predmeti deyil, sərəncamla müəyyənləşdirilən əlavə tələblərdir.
Qanun layihəsi ilə bağlı bizim məqsədimiz nədir? Bu institutu yaratmağın hüquqi bazasını müəyyənləşdirmək, qanuna əlavə maddə qəbul etmək. Bu gün bunu edirik. Buna da ehtiyac var. Gələcəkdə, misal üçün, bir neçə aydan sonra, artıq köməkçilər fəaliyyət göstərəndə o müqaviləyə əmək müqaviləsini də əlavə etmək olar. Yəni istənilən müəyyən bir yenilik eləmək olar. Prezident tərəfindən artıq maliyyəsi ayrılmış bu işin Sizin sərəncamınızla həyata keçirilməsindən ötrü bir hüquqi baza olmalıdır. Bir qanuna söykənməliyik. Bu gün biz o hüquqi bazanı yaratmasaq, qanuna bu əlavəni etməsək, deputat köməkçisi təsisatının yaranması çox ləngiyəcəkdir.
Sədrlik edən. Sağ olun.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Fərrux müəllim, siyahıda hələ 15 nəfərin adı var. Bu məsələni uzatmaq düzgün deyil. Münasibətinizi bildirin, xahiş edirəm.

 Səsvermənin nəticələri (saat 18.12 dəq.)
 Lehinə 91
 Əleyhinə 2
 Bitərəf 1
 Səs vermədi 1
 İştirak edir 95
 Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
İclasın vaxtı bitdi. Bir məsələ gələn iclasa qaldı.

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi