2006-ci il 8 noyabr tarixli iclasın stenoqramı

ÜÇÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
IV  SESSİYASI  İCLASININ

PROTOKOLU  №  26

Milli  Məclisin  iclas  salonu.
8  noyabr  2006-cı  il.  Saat  12.

Milli  Məclisin  Sədri
O. Əsədov  sədrlik  etmişdir


İclasda Milli Məclisin 114 deputatı iştirak etmişdir.

İclasa dəvət olunmuşlar:

Əli Həsənov, Azərbaycan Respublikası Baş nazirinin müavini, Qacqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri.
Samir Şərifov, Azərbaycan Respublikasının maliyyə naziri.
Heydər Babayev, Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri.
Natiq Əliyev, Azərbaycan Respublikasının sənaye və energetika naziri.
Hüseynqulu Bağırov, Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri.
Yavər Camalov, Azərbaycan Respublikasının müdafiə sənayesi naziri.
İsmət Abasov, Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri.
Misir Mərdanov, Azərbaycan Respublikasının təhsil naziri.
Aydın Əliyev, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri.
Qərib Məmmədov, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri.
Kərəm Həsənov, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədri.
Hicran Hüseynova, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri.
Arif Vəliyev, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri.
Hidayət Orucov, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri.
Elman Rüstəmov, Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin sədri.
Səlim Müslümov, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri.
Şahmar Mövsümov, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru.
Nizaməddin Rzayev, “Azərsu” Səhmdar Cəmiyyətinin prezidenti.
Əlixan Məlikov, “Azəriqaz” Səhmdar Cəmiyyətinin sədri.
Yaşar Həsənov, “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədri.
Əhməd Əhmədzadə, Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri.
Ramiz Həsənov, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin baş direktoru.
Arif Qaraşov, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi.
Əlövsət Baxşıyev, Naxçıvan Muxtar Respublikasının Baş naziri.
Namiq Nəsrullayev, Azərbaycan Respublikası Hesablama Palatasının sədri.
Abbas Allahverdiyev, Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini.
Cəfər Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Vaqif Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Adil Məhərrəmov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Nizami Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Oqtay Haqverdiyev, Azərbaycan Respublikası Nazirlər Kabinetinin İqtisadiyyat və maliyyə-kredit siyasəti şöbəsinin müdiri.
Azər Bayramov, Azərbaycan Respublikası maliyyə nazirinin müavini.
İlqar Rəhimov, Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini.
İntiqam Babayev, Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini.
Sevinc Həsənova, Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini.
Rahim Lətifov, Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini.
Natiq Əmirov, Azərbaycan Respublikası vergilər nazirinin müavini.
Musa Pənahov, Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini.
Elsevər Ağayev, Azərbaycan Respublikası səhiyyə nazirinin müavini.
İltimas Məmmədov, Azərbaycan Respublikası rabitə və informasiya texnologiyaları nazirinin müavini.
Səfər Mehdiyev, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini.
Fazil Fərəcov, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin departament rəisi.
Şahin Sadıqov, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin departament rəisi.
Xaqani Abdullayev, Azərbaycan Respublikası Milli Bankının departament rəisi.
Rəşad Qulamov, Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində daimi nümayəndəsi.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
2. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2007-ci il büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
3. Azərbaycan Respublikasında 2007-ci il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
4. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında.
5. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə.
6. “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamədə dəyişikliklər edilməsi barədə.
7. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə.
8. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə.
9. “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə.
10. “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişiklik edilməsi barədə.
11. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə.
12. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə.
13. Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə.
14. “Banklar və digər kredit təşkilatları tərəfindən əhalinin əmanətləri üzrə ödənilən faiz məbləğlərindən, habelə investisiya qiymətli kağızları üzrə dividend və faizlərdən gəlir vergisinin tutulması üzrə güzəştlərin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun qüvvədə olma müddətinin uzadılması barədə.
15. Azərbaycan Respublikası Milli Məclisinin 2007-ci il üçün xərclər smetası haqqında.
16. Azərbaycan Respublikası Hesablama Palatasının 2007-ci il üçün xərclər smetası haqqında.
***

Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası qanunu layihəsinin müzakirəsi davam etdirilmişdir.


 Azərbaycan  Respublikası
 Milli  Məclisinin  Sədri                                  O. ƏSƏDOV

 

 

MİLLİ MƏCLİSİN İCLASI

8  noyabr  2006-cı  il.  Saat  12.

Azərbaycan  Respublikası  Milli  Məclisi  Sədrinin
birinci  müavini  Z. Əsgərov  sədrlik  edir

Sədrlik edən. Sabahınız xeyir, hörmətli deputatlar, hörmətli hökumət üzvləri! Xahiş edirəm, qeydiyyatdan keçək.

Qeydiyyat (saat 12.03 dəq.)
İştirak edir 100
Yetərsay 83

Yetərsay var. Müzakirələri davam etdirə bilərik. Cəmil Həsənli.
C. Həsənli. Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli millət vəkilləri, hökumət üzvləri və mətbuat nümayəndələri! Biz artıq ikinci gündür ki, Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsini müzakirə edirik. Dünən çox səmərəli müzakirələr oldu. Büdcə hökumət üzvləri tərəfindən təqdim edildi və onun ətrafında müzakirələr başlandı.
Mən qısaca olaraq bir neçə məsələyə münasibətimi bildirmək, büdcənin müsbət tərəflərindən danışmaq istəyirəm. Büdcənin ən mühüm müsbət tərəfi onun gəlir hissəsi ilə bağlıdır. Çox yaxşı ki, biz hökumət üzvləri ilə birlikdə büdcənin gəlir hissəsinin bölüşdürülməsi məsələsini müzakirə edirik və qarşıdakı 10 il ərzində Azərbaycan büdcəsində bu tendensiya davam edəcək. Büdcənin ikinci müsbət tərəfi ondan ibarətdir ki, vergilərin toplanması məsələsində hüquqi şəxslərin xüsusi çəkisi artırılaraq 39,3 faizə çatdırılıbdır. Bu, müsbət tendensiyadır və bu tendensiya yüksələn xətt ilə getməlidir. Bizim inteqrasiya olduğumuz dünyada bu, büdcəyə daxilolmaların təxminən 3,2 hissəsini təşkil edir. Azərbaycan büdcəsində bunun 39 faizə çatdırılmasını mən müsbət hal kimi qeyd eləmək istəyirəm. Büdcədə üçüncü müsbət hal ondan ibarətdir ki, minimum əmək haqqı və minimum pensiyaların miqdarı ilə minimum istehlak səbəti arasında müəyyən balans yaratmağa cəhdlər edilmişdir və bu tendensiya müsbət tendensiya kimi qeyd edilməlidir. Çünki minimum əmək haqqı və minimum pensiya ilə minimum istehlak xərcləri arasında müəyyən uyğunsuzluqlar aradan qaldırılmalıdır. Əlbəttə, büdcənin digər müsbət tərəfləri də var. Ancaq mən indi onları burada sadalamaqdansa, bizim verəcəyimiz təkliflərin səmərəli olacağını düşünərək, büdcənin daha da təkmilləşdirilməsi istiqamətində bir sıra fikir və mülahizələrimi millət vəkilləri və hökumət üzvləri ilə bölüşməyə üstünlük verirəm.
Büdcədə təqdim olunan rəqəmlər, əlbəttə, ürəkaçan rəqəmlərdir. Ancaq bu rəqəmlərin arxasında Azərbaycanda sürətlə artan bahalıq görünmür. Yaxşı olardı, büdcə təqdim ediləndə bu artım sürəti ilə bərabər qiymətlərin hansı sürətlə artması da burada öz əksini tapaydı ki, biz bir nəticəyə gələ biləydik. Məsələn, bir il ərzində əmək haqqı daha çox artmışdır, ya qiymət? Bu mühüm məsələdir. Biz əgər nəzərə alsaq ki, dövlət bölməsində işləyən təxminən 600 min insan minimum əmək haqqı və təxminən 1 milyon 400 min pensiyaçının 60-70 faizə qədəri minimum pensiya alır, onda 30 manatla bugünkü bahalığın qarşısında dayanmağın mümkün olub-olmadığını başa düşmək çətin deyildir. Xahiş edirəm, hökumət üzvləri bu məsələyə aydınlıq gətirsinlər.
Azərbaycanda bahalığın, əlbəttə ki, obyektiv və subyektiv səbəbləri vardır. Ancaq mənim düşüncəmə görə əgər bahalıq 10-15 faiz obyektiv amillərlə bağlıdırsa, 85-90 faiz də subyektiv amillərlə bağlıdır. Bu subyektiv amillərdən ən başlıcası Azərbaycanda bütün sosial-siyasi həyatın inhisarların nəzarətində olmasıdır. Bu gün bazarda elə bir sahə yoxdur ki, inhisarların nəzarətində olmasın. Məcazi mənada, el dilində danışsaq, Azərbaycanda diş təmizləmək üçün olan çöplər də inhisarların nəzarətindədir. Arxasında yüksək vəzifəli şəxslərin dayandığı bu inhisarlar azad rəqabətə imkan vermir. Yəni inhisar əgər iş adamının bacarığı nəticəsində yaransa, bunu qəbul etmək olar. İnhisarın arxasında əgər yüksək vəzifəli şəxslər dayanırsa, onunla heç cür rəqabət aparmaq mümkün deyil.
Bazarın bahalaşmasından söhbət gedir. Süni yollarla bunun qabağının alınmasına çalışılır. Biz bu ilin əvvəlində yanacağın qiymətini qaldıranda bilməli idik ki, qiymətlər artacaq. Bunun nəticəsidir ki, – hörmətli nazirlər, kənd rayonlarına çıxanda baxın, – Azərbaycanın bu gün əkin sahələri şumlanmır, əkilməmiş qalır. Çünki yanacağın qiyməti kəndlinin əldə elədiyi məhsulun qiymətindən çıxılanda gəlir yox olur. Bu da bütövlükdə mənfi nəticələrə gətirib çıxarır.
Bahalığın mənbələrindən biri də, – heç kəs məndən inciməsin, – vergi orqanlarının dövlət rüsumlarına, dövlət vergilərinə aid olmayan, qeyri-qanuni formada topladığı rüsumlardır. Eyni zamanda, müxtəlif nazirliklərin Azərbaycanda bazara çıxarılan mal üzərində yüksək rüşvət sistemini tətbiq etməsi ölkədə bahalığın baş alıb getməsinə gətirib çıxarır. Hesab edirəm, nazirlərimiz də, millət vəkillərimiz də ilk növbədə əhalini, xalqı nəzərə almalıdırlar. Hamının evi, ailəsi var. Hamı evinə çörək aparmaq istəyir. Amma inanın ki, 30 manatla gündən-günə yüksələn kommunal xərcləri ödəmək mümkün deyildir. Qazın qiymətini qaldıranda biz 7 dəfə qaldırırıq, amma pensiya qaldırılanda 15 faiz qaldırılır. Bu minvalla əhalinin üzərinə qoyulan xərcləri ödəmək mümkün deyil.
Büdcənin artırılması mümkündür, ya mümkün deyil? Əlbəttə, mümkündür. Mən bu barədə əlavə izahat vermək istəmirəm. Sadəcə olaraq, hökumət üzvlərinin nəzərinə çatdırmaq istəyirəm ki, bu il oktyabr ayının 31-də “Zerkalo” qəzetində Hesablama Palatasının üzvü Hümmətovun çox maraqlı bir təhlili çıxıbdır. Hesablama Palatası çox ciddi bir orqandır. Onun təhlilləri də əsaslandırılmış təhlildir. Bu təhlillərdə göstərilir ki, maliyyə vəsaitləri üzərində nəzarət tətbiq edilsə, onları artırmaq olar.
Büdcədə elm, təhsil məsələsi bərbad vəziyyətdədir. 0,66 faiz elm üçün fəlakətli haldır. Cənab nazirlər, mən 10 il Ali Attestasiya Komissiyasının üzvü olmuşam. Bir doktorluq dissertasiyasını oxuyub rəy verməyə görə alimə köhnə Azərbaycan manatı ilə 2 min manat, yeni Azərbaycan manatı ilə 40 qəpik zəhmət haqqı verirlər. Gərək onun üzərinə 20 qəpik də qoyub iki kilo kartof alasan. Xahiş edirəm, elmə münasibətdə bunu nəzərə alasınız.
Büdcə zərfində informasiya texnologiyaları qrafası yoxdur. Əlbəttə, deyə bilərsiniz ki, internet var. Amma informasiya texnologiyalarının tutumu internetdən böyükdür. Ümid edirəm ki, sözlərimi səmimi qəbul edərsiniz. Burada Mirzə Cəlilin “Poçt qutusu” hekayəsi yada düşür. Vaxtilə Novruzəli məktubu poçta sala bilmirdi. Yaşı 50-dən az olan azərbaycanlı əgər internetlə məktub göndərə bilmirsə, onun Novruzəlidən heç bir fərqi yoxdur. Fərq yalnız zaman fərqidir. Əgər Ermənistanda internet istifadəçilərinin sayı bizdəkindən artıqdırsa, bu o deməkdir ki, informasiya müharibəsində də onlar bizdən üstündürlər.
Elm müəssisələri fəlakətli vəziyyətdədir. Təhsil Nazirliyinə ayrılan vəsaitin 82 faizi ancaq əmək haqqına gedir. Məgər Təhsil Nazirliyinin ayrı qaygıları, problemləri yoxdur? Məktəblərin yenidən qurulması, təmiri... Bu vəsaitləri verirlər icra hakimiyyətlərinə, icra hakimiyyətləri onun az bir hissəsini...
Sədrlik edən. İlham Məmmədov.
İ. Məmmədov. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli hökumət üzvləri, hörmətli deputatlar! Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan dövlət quruculuğu və sosial-iqtisadi inkişaf 2006-cı ildə də möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilmişdir. 2007-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsi ilə tanışlıq göstərir ki, büdcə təkmil hazırlanmışdır və gələn il çoxsaylı problemlərin həllinə imkan verəcəkdir. Büdcədə elə bir məsələ yoxdur ki, nəzərdə tutulmasın. Bütün bu artımlar ümumi iqtisadi inkişaf fonunda baş verir.
Mən bəzi məqamlara toxunaraq fikrimi əsaslandırmaq istərdim. İlk növbədə qeyd edim ki, bugünkü büdcəmiz də sosial yönlüdür. İlk dəfə olaraq büdcə layihəsində yaşayış minimumu müəyyənləşdirilıb. İlk dəfə olaraq büdcədə ehtiyac meyarı öz əksini tapmışdır. Dövlət büdcəsində əmək haqlarının artırılmasına ildə iki dəfə baxılacaq.
Səhiyyə xərcləri keçən il ilə müqayisədə 47,5 faiz artırılıb. Eyni zamanda, səhiyyə üzrə bir sıra proqramların maliyyələşməsinə də vəsait ayrılır ki, bu da çox təqdirəlayiqdir.
2007-ci ilin dövlət büdcəsində ən önəmli cəhətlərdən biri də ölkə daxilində olan maliyyə resurslarının investisiyaya yönəldilməsi praktikasının genişləndirilməsidir. Bu istiqamət yaxın gələcəkdə ölkəmizin büdcəsinin formalaşmasında neft amilinin aparıcı rol oynamasının aradan qaldırılması üçün zəmin hazırlayır. Cənab Prezidentin qeyd etdiyi kimi, maddi dəyərləri insan kapitalına çevirməyin və ciddi sənaye siyasətinin işlənib hazırlanmasının vaxtı çatmışdır.
Bu baxımdan millət vəkili kimi təmsil etdiyim Yevlax şəhərində güclü sənaye potensialı mövcuddur. Bu potensialdan bütünlükdə insanların sosial vəziyyətinin yaxşılaşmasına ilk növbədə təsir edən işsizlik probleminin həll olunması üçün istifadə edilir. Regionların inkişafı üzrə dövlət proqramında əgər Yevlax şəhərinin inkişafı üçün 9 bənd nəzərdə tutulubsa, şəhər icra hakimiyyəti tərəfindən əlavə 246 bənddən ibarət inkişaf proqramı işlənib hazırlanıb ki, bunların da çox hissəsi artıq həyata keçirilir. Belə ki, şəhərdə ən qabaqcıl Almaniya və Yaponiya texnologiyalarının tətbiq edildiyi modul tipli 9 sexdən ibarət olan və ən başlıcası 100 nəfər işçinin yüksək əmək haqqı aldığı, sınaq müddəti olmasına baxmayaraq, artıq daxili bazarda rəqabətə davamlı mal istehsal edən tikiş fabrik kompleksi, ildə 30 milyon kərpic istehsal edən kərpic zavodu, 1 saatda 160 və 60 ton asfalt istehsal edən iki asfalt zavodu, regional aqroservis təchizat bazası, ən böyük müasir mebel fabriki, tərkibində pivə, limonad, şirə, çörək, makaron sexlərini birləşdirən qida məhsulları fabriki tikilib istifadəyə verilmişdir.
Hazırda bölgədə ən iri istehsal müəssisəsi olacaq Gilan dəri emal zavodunun tikintisi başa çatmaq üzrədir. Burada 700-dən artıq insan çalışacaq. Amerika Birləşmiş Ştatlarının Vermot İnterneşnl şirkəti ilə birgə 2 min hektar sahədə pambığın yeni texnologiya ilə becərilməsi üçün dairəvi suvarma sisteminin qurulması işləri aparılır ki, bunun da dəyəri 12 milyon dollardır. Respublikada ilk dəfə həyata keçirilən bu layihənin nəticəsində min nəfərdən çox işçi daimi və müvəqqəti işlərə cəlb ediləcək və nəticədə Yevlax Pambıq Açıq Səhmdar Cəmiyyətinin işi bərpa olunacaq.
Gələcəkdə Yevlağın sənaye infrastrukturunu gücləndirmək və davamlı etmək məqsədi ilə bilavasitə cənab Prezidentin diqqəti və qayğısı sayəsində Yevlax yarımstansiyasının gücünün artırılması vacib hesab edilmiş, mövcud 31,5 meqavatlıq transformatorlar iki ədəd 2 meqavatlıq transformatorlarla əvəz edilmişdir. Bu dediklərimi və deyə bilmədiklərimi əyani görmək üçün mən sizin hamınızı münasib bildiyiniz vaxtda Yevlax şəhərinə dəvət edirəm. Bu bir rayonun və ya bölgənin timsalında dövlətin və onun rəhbəri cənab Prezidentin insanların sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldilmiş addımlarıdır.
Ancaq bu gün Yevlağın içməli su problemi vardır. Bu problem Regionların iqtisadi inkişafı dövlət proqramında öz əksini tapmış və onun 2005-2006-cı illərdə həll edilməsi nəzərdə tutulmuşdur. Yevlağa içməli su ancaq 1960-cı illərdə 13,5 kilometr məsafədə yerləşən Kür çayından və 6 ədəd subartezian quyusundan metal borularla çəkilib gətirilmişdir. Təsəvvür edin ki, şəhərə daxil olan həmin su 9476 fərdi yaşayış evinə və ictimai binalara müxtəlif güclü su nasosları ilə verilir. Bu da ayda 1 milyon 300 kilovat-saat, ildə isə 14-15 milyon kilovat-saat enerji itkisi deməkdir. 30-36 kilometr məsafədə bizdən hündürdə yerləşən Mingəçevir su anbarından su çəkilməsi çox rahat olardı. Çünki oradan su öz axarı ilə gələr və bu su xətti ətrafda olan 14-15 kəndin də içməli su problemini həll etmiş olardı. Hörmətli maliyyə nazirimizin, iqtisadi inkişaf nazirimizin burada olmasından istifadə edərək, 2005-2006-cı illərdə həyata keçirilməsi nəzərdə tutulan bu layihənin nəhayət 2007-ci ildə gerçəkləşməsinə kömək etmələrini xahiş edərdim. Çünki bu çox vacib məsələdir. Su özü də infrastruktur sisteminin yaranmasına kömək edən amillərdən biridir.
Çıxışımın sonunda səhiyyəyə ayrılan vəsaitlə əlaqədar fikirlərimi və təkliflərimi bildirmək istərdim. Əlbəttə, keçənilki ilə müqayisədə bu sahəyə 47,5 faiz çox vəsaitin ayrılması sevindirici haldır. Eyni zamanda, bir çox səhiyyə proqramlarının həyata keçirilməsinə də vəsait ayrılıb. Ancaq biz bunu lap 100 faiz artırmış olsaq belə, yenə azdır. İnkişaf etmiş ölkələrdə dövlət səhiyyə sisteminin maliyyələşdirilməsi heç də dövlətin üzərində deyil. Mən dünən çıxış etmiş həmkarlarım hörmətli Qənirə xanımın və Musa müəllimin fikirləri ilə razıyam. Səhiyyə haqqında qəbul olunmuş qanunların müzakirəsində iştirak edərkən mən də bu fikri vurğulamışam ki, səhiyyə islahatlarının aparılması üçün mütləq tibbi sığorta haqqında qanun işlənməlidir.
Biz görürük, burada 47,5 faiz artımın əsas hissəsi bu günün reallığına uyğun olaraq yenə də, əsasən, xəstəxanalara yönəldilib. Halbuki səhiyyə islahatlarının dünya təcrübəsindən göründüyü kimi, burada ən mühüm amillərdən biri ilkin səhiyyə xidmətinin yaxşılaşdırılmasıdır. Yaxşı olar ki, biz insanlara xəstələnəndən sonra yox, xəstələnməmişdən əvvəl qayğı göstərək, yəni sağlamlığın qorunub saxlanmasına pul ayıraq.
Büdcədə səhiyyə ilə bağlı çox gözəl maddələr var. Məsələn, böyrək çatışmazlığından əziyyət çəkən insanların müalicəsi üçün vəsait ayrılıbdır. Təsəvvür edin, – mən öz təcrübəmdən deyirəm, böyük bir səhiyyə müəssisəsinin rəhbəri işləyərkən görmüşəm, – tək elə bizim rayonda qeydiyyatda olan 9-10 nəfərin hər birinin müalicəsi üçün hər ay 600-700 manat vəsait lazım olur. Təsəvvür eləyin, ildə bu nə qədər vəsait eləyir. Yaxşı olmazmı ki, biz elə bu vəsaiti insanlar xəstələnməmişdən qabaq profilaktiki tədbirlərə yönəldək? Bunun üçün artıq zəmin yaradılır. Möhtərəm Prezidentimiz elə məhz bu istiqamətdə işlərin həyata keçirilməsi üçün regionlarda diaqnostik mərkəzlərin yaradılmasına böyük diqqət yetirir. Bu diaqnostik mərkəzlər ən müasir avadanlıqlarla təchiz olunaraq insanların sağlamlığı keşiyində duracaqdır.
Ancaq təəssüf ki, regionlarda həmin müasir aparaturanı işlədən həkimlərimiz çox azdır. Bu gün həkimlərin əmək haqları olduqca aşağıdır və onlar regionlarda işləməyə getmirlər. Yaxşı olardı ki, müəllimlərin regionlara getməsi üçün stimul yaradıldığı kimi, həkimlərə də stimul yaradılsın. Çünki bu gün rayonlarda ixtisaslı revmatoloqlara, mama-ginekoloqlara, travmatoloqlara böyük ehtiyac vardır. Kəndlərimizdə gözəl həkim ambulatoriyaları, feldşer-mama məntəqələri tikilmişdir. Bütün bu məntəqələrin ixtisaslı kadrlarla təmin olunması üçün, mən təklif edərdim ki, səhiyyə sahəsində islahatların sürətlə həyata keçirilməsi məqsədi ilə ilk növbədə, tibbi sığortanın həyata keçirilməsinə şərait yaradılsın. Bizim qarşıda çox problemlərimiz var. Dərman sənayesini də, səhiyyədə digər sahələri də inkişaf etdirməliyik.
Mən çıxışımı bitirərək bu qanun layihəsinin mükəmməl hazırlandığını qeyd edir və deputat həmkarlarımı ona səs verməyə çağırıram. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Sağ olun. Əli Məsimli.
Ə. Məsimli. Hörmətli sədarət, hörmətli millət vəkilləri, xanımlar və cənablar! Büdcənin müzakirəsi hər bir ölkənin həyatında çox böyük bir hadisədir. Büdcə iqtisadiyyatın güzgüsüdür, büdcə necədirsə, iqtisadiyyat da, sosial həyat da elədir. Digər tərəfdən isə normal büdcə dövlət idarəetmə sisteminin səmərəliliyinin artırılmasının ən gözəl rıçaqıdır. O nöqteyi-nəzərdən büdcənin konstruktiv, əsaslı, elmə söykənən şəkildə müzakirəsini müsbət qiymətləndirirəm.
2007-ci ilin büdcəsini təhlil edərkən burada irəliyə doğru atılan addımların mövcudluğu ilə yanaşı çatışmayan məqamları da qeyd etmək mümkündür. İlk növbədə müsbət cəhətləri qeyd etmək istərdim. 2007-ci ilin büdcəsinin tərtibi, təqdimatı, kəmiyyət və keyfiyyət cəhətdən üstünlükləri, cari xərclər büdcəsindən strateji büdcəyə doğru hərəkəti çox müsbət hallardır. Bu nöqteyi-nəzərdən Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Milli Bank və digər təşkilatların birgə səyləri nəticəsində əvvəlki illərlə müqayisədə daha mükəmməl büdcənin ortaya qoyulmasını müsbət qiymətləndirmək lazımdır. Digər tərəfdən, büdcə vəsaitinin ümumi daxili məhsula nisbətdə 16-17 faizdən qısa müddət ərzində 25 faizə çatması Azərbaycan büdcəsinin cari xərclər büdcəsindən strateji büdcəyə doğru çox mühüm irəliləyişinin bariz nümunəsidir. Hesab edirəm ki, bu irəliləyiş davam etdirilməlidir. Azərbaycan büdcəsinin həcmini ümumi daxili məhsula nisbətdə 33 faizə qaldırıb, liberal iqtisadi siyasət yeridən ölkələrin büdcəsinin səviyyəsinə çatdırmaq çox mühüm əhəmiyyət kəsb edir, bu şərtlə ki, makroiqtisadi sabitlik gözlənilsin.
Bu müsbət cəhətləri ilə yanaşı, 2007-ci il büdcəsinin proqnoz, gəlir və xərc maddələrində, strukturunda, xərclərin bölüşdürülməsi qaydasında, eləcə də reallaşma mexanizmi sahəsində bir sıra çatışmayan cəhətlər var. Təbii ki, bir çıxışda bunların hamısını qeyd etmək mümkün deyil. Yəqin ki, bütün bu məqamlara aid mülahizələrimizi özündə əks etdirən bir sənədi sizə təqdim edəcəyik. Amma hər halda qeyd olunan bəzi məsələləri tezis formasında nəzərə çatdırmaq istərdim. Birinci, hesab edirəm ki, layihədə inflyasiyanın və manatın məzənnəsinin konkret göstəriciləri öz əksini tapmalıdır. Bu ona görə olmalıdır ki, manatın dollara, avroya və rubla nisbətdə hansı məzənnə daxilində hərəkət etməsi aydın görünsün. Ona görə ki, bu konkretlik olmayanda bir sıra digər maddələrin, o cümlədən büdcə proqnozlarının dəqiqliyinə şübhə yarana bilər.
Xarici iqtisadi fəaliyyətlə bağlı proqnozlar əsasında büdcəyə ödənən vergilər və sair məsələlərlə əlaqədar xeyli dərəcədə aydın olmayan məqamlar ortaya çıxır. Ona görə də həmin göstəricilərin dəqiqləşdirilməsini vacib hesab edirəm.
Mühüm hesab etdiyim məsələlərdən biri də ondan ibarətdir ki, son 5-6 il ərzində büdcədə neft faktorunun payı 34 faizdən 54 faizə çatıb və bu proses yaxın illərdə də davam edəcək. Büdcədə neftin payı artır. Neftin qiymətinin sürətlə artması dövrü isə tədricən arxada qalır. Biz bunu gündəlik həyatda görürük ki, artıq neftin qiymətində ziqzaqlar özünü göstərməyə başlayıb. Ona görə də hesab edirəm ki, bu büdcə ilə yanaşı, hökumət büdcədə nəzərdə tutulan 50 dolları optimal hesab etməklə, neftin qiyməti bir barel üçün 40 dollar, büdcədə nəzərdə tutulan 50 dollar və 50 dollardan yuxarı olduğu anlarda çoxvariantlı ssenari əsasında necə hərəkət etməyin mexanizmini işləyib hazırlamalıdır. Belə bir mexanizm hazırlansa, hər hansı bir vaxt kəsiyində dünya bazarında neftin qiymətinin aşağı düşməsi büdcəyə o qədər də mənfi təsir göstərməz.
Bu sahədə ikinci vacib məsələ neftdən kənar sahələrin büdcəsi ilə bağlı beynəlxalq praktikada tətbiq olunmağa başlayan dövlət büdcəsinin perspektivli modelinə keçid məsələsidir. Belə bir modelin hazırlanması gələcəkdə hökumətin fəaliyyətinin səmərəliliyinin artırılmasında mühüm rol oynayır.
Vacib hesab etdiyim növbəti məsələ büdcə ilə bağlı xərclər strategiyasının hazırlanması və bu strategiya əsasında qanunvericilikdə həm müvafiq dəyişikliklərin edilməsi, həm də yeni qanunların qəbul edilməsi məsələsidir. Burada mən Büdcə Məcəlləsinin qəbul edilməsini, maliyyə nəzarəti haqqında qanunun tezliklə parlamentin müzakirəsinə çıxarılıb qəbul edilməsini və digər məqamları qeyd etmək istərdim.
Büdcədə gəlirləri artırmaqdan ötrü Neft Fondundan 585 milyon manat miqdarında vəsait ayrılıb. Büdcə qanununun 5, 6, 7-ci maddələrində nəzərdə tutulan nisbətləri bir qədər təkmilləşdirməklə neft amilindən büdcəyə daxilolmaları, kölgə iqtisadiyyatının çox az, 10 faizə qədər hissəsində yeni yaranan dəyəri, bir sıra vergi növləri, məsələn, mədən vergisi, fiziki şəxslərdən gəlir vergisi və digər bu cür vergilər üzrə mövcud olan ehtiyatların müəyyən hissəsini, büdcəyə olan milyard manatdan artıq borcların müəyyən hissəsini cəlb etməklə büdcəyə üst-üstə 2 milyard manat məbləğində əlavə vəsait qoymaq olar və bu təqdirdə artıq Neft Fondundan həmin 585 milyon manat vəsaitin büdcəyə cəlb edilməsinə ehtiyac olmaz.
Büdcənin təhsillə bağlı maddəsinə ayrılan vəsait kifayət qədər böyük, səhiyyəyə ayrılan məbləğ orta, elm üçün ayrılan vəsait isə çox aşağı səviyyədədir. Amma bunların hər üçü eyni xarakterli proseslər, eyni dərəcədə vacib sahələrdir. Ona görə də biz əgər təhsilə ayrılan vəsaiti – 733 milyon manatı ümumi daxili məhsulun 3 faizi səviyyəsində olması kontekstində yanaşaraq qiymətləndirsək, beynəlxalq praktikaya görə bu il olmasa da, gələn il bunun 6 faizə, səhiyyə xərclərinin 1,2 faizdən 5 faizə, elmə ayrılan vəsaitin isə 0,2 faizdən 2 faizə çatdırılmasına ehtiyac var. Qeyd etdiyim həmin ehtiyatlar hesabına isə orada çalışanların əmək haqqını artırmaq olar.
Bundan əlavə, batmış əmanətlər üçün büdcədə 50 milyon manat ayırmaq, ipoteka kreditləri üçün nəzərdə tutulan 20 milyon manatı 50 milyon manata çatdırmaq istiqamətində də dəyişikliklər edilməsini vacib hesab edirəm. Eyni zamanda, bir sıra proqramlara, məsələn, yoxsulluğun aradan qaldırılması, regionların inkişaf etdirilməsi proqramlarına da əlavə vəsaitin cəlb edilməsi məqsədəuyğun olardı.
Regionlar səviyyəsində bir sıra işlərin görülməsini vacib hesab edirəm. Məsələn, Şəkidə elektrik stansiyasının işə salınması çox mühüm hadisədir. Amma işi elə qurmaq lazımdır ki, elektrik stansiyası işə düşəndən sonra bu bölgənin elektrik enerjisi ilə təchizatı yaxşılaşsın, pisləşməsin. Digər məsələ su ilə bağlıdır. Sel daşqınından sonra şəhərin yuxarı hissəsində, xüsusilə də şəhərə yaxın kəndlərdə gizli problemlər yaranıb. Xahiş edərdim ki, bu problemlərin aradan qaldırılması üçün Şəkiyə əlavə vəsaitin ayrılması mütləq nəzərə alınsın.
Qubadlıdan 744 müəllim müraciət edib. Köçkünlərlə bağlı orta əmək haqqı ünvanlı yardımın məbləği ilə əvəz olunur. Hesab edirəm ki, Nazirlər Kabinetinin bu ilin may ayındakı qərarına yenidən baxılmalıdır. Bu cür tədbirlərin həyata keçirilməsi, büdcənin keyfiyyətinin artırılması...
Sədrlik edən. Əli Əhmədov.
Ə. Əhmədov. Təşəkkür edirəm. Hörmətli Ziyafət müəllim, hörmətli Milli Məclisin üzvləri, hörmətli hökumət nümayəndələri! Mən də dünən və bu gün burada Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi ilə əlaqədar səsləndirilən o fikirlərlə razıyam ki, təqdim olunan qanun layihəsi Azərbaycanın iqtisadi və sosial həyatının çox önəmli hadisəsi olmaqla, ölkəmizdə ötən ilki iqtisadi inkişafı özündə əks etdirməklə yanaşı, növbəti ildə və ondan sonrakı illərdə Azərbaycanın iqtisadi və sosial inkişafının əsas prioritetlərini və istiqamətlərini müəyyənləşdirir.
Büdcə kifayət qədər dəqiq, səriştəli hazırlanıbdır. Həm inkişafın bütün məqamlarını özündə əks etdirir, həm də kifayət qədər şəffaf iqtisadi sənəd kimi Milli Məclisə təqdim edilibdir. Büdcənin ən mühüm məziyyəti Azərbaycanın iqtisadi və sosial inkişafda tamamilə yeni bir mərhələyə qədəm qoyduğunu ifadə etməsindədir. Azərbaycanın 2007-ci il büdcə layihəsi bir daha təsdiq edir ki, ölkəmizdə Prezident İlham Əliyevin müəyyənləşdirdiyi iqtisadi modernləşdirmə siyasəti özünü doğruldur və bu istiqamətdə daha böyük irəliləyiş, daha böyük nailiyyətlər üçün əsas yaradır.
Azərbaycanda uzun illər bizim məmnuniyyətlə qeyd etdiyimiz sosial-iqtisadi sabitlikdən sürətli dinamik iqtisadi inkişaf və sosial rifah mərhələsinə keçid artıq reallaşmaqdadır. Yaşadığımız mərhələnin çox vacib xüsusiyyətlərindən biri də Azərbaycanın malik olduğu indiki iqtisadi qüdrəti siyasi və hərbi gücə transfer etmək kimi çox əhəmiyyətli bir meyli əks etdirməsidir. Bunların hamısı müzakirə etdiyimiz 2007-ci ilin dövlət büdcəsi layihəsində əks olunan reallıqlar və gerçəkliklərdir.
Heç bir büdcə sənədi ideal olmadığı kimi, təbii ki, bu büdcədə də bəzi nöqsanlar var və onun təkmilləşdirilməsinə ehtiyac hiss olunur. Düşünürəm ki, təkmilləşmə və kamilləşmə prosesi hüdudsuzdur və buna görə də nə qədər təkliflər səsləndirilsə, nə qədər yeni ideyalar irəli sürülsə də, bunların hamısı həyatımızın təkmilləşməsindən irəli gələn bütün məqamları və cəhətləri əks etdirə bilməyəcəkdir. Bu mənada mən istərdim ki, büdcə layihəsinin müzakirəsi ilə əlaqədar çıxışlarımızda biz daha çox konstruktiv təkliflərin irəli sürülməsinə üstünlük verək.
Mən büdcəni tərtib edən hökumət üzvlərinə əhəmiyyətli hesab etdiyim bir sıra məqamları çatdırmaq istəyirəm. Burada bir sıra çıxışlarda inflyasiya ilə əlaqədar narahatçılıqlar hiss olundu. Mən elə düşünmürəm ki, Azərbaycanda inflyasiya prosesi, qiymətlərin artması təhlükəli bir həddə gəlib çatıb. Bu elə bir həddədir ki, insanları narahat edir və bu narahatlıqla əlaqədar da fikirlər səsləndirilir.
Azərbaycanda inflyasiyanın, qiymətlərin artmasında bir sıra amillər içərisində ən vacib amil də bundan ibarətdir ki, Azərbaycanın sahibkarları öz mənfəətləri və gəlirlərinin artırılmasının ən asan yollarından birini, sadəcə, qiymətlərin yüksəldilməsində görürlər. Əlbəttə, insanların mənfəətini artırmaq istəkləri və arzuları təbiidir. Ancaq bu istək və arzunun yalnız və yalnız qiymətlərin artırılması hesabına reallaşdırılması dözülməz haldır və buna qarşı da mübarizə aparılmalıdır. Bu mübarizədə çevik vergi mexanizminin tətbiq edilməsi variantından Azərbaycanda kifayət qədər istifadə edilmir. Əgər bu mexanizmdən biz səmərəli şəkildə istifadə etsək, sahibkarlar, iş adamları öz gəlirlərinin artmasının asan variantından bu qədər geniş istifadə etmək arzusuna düşməz və öz gəlirlərini artırmaq üçün, sadəcə olaraq, istehsalı və göstərilən xidmətlərin həcmini artırmağa üstünlük verərlər. Amma bu halda sahibkarlar yenə qiymətləri artırmaq variantından istifadə etsəydilər, onda çevik mexanizm vasitəsi ilə maya dəyərindən bir neçə dəfə artıq olan gəlirlərini vergi vasitəsi ilə dövlət xəzinəsinə gətirəndə, yəqin, bunun özləri üçün səmərəli bir variant olmadığını dərk edərdilər. Mən düşünürəm ki, bu vasitədən qiymətlərin və inflyasiyanın artmasına qarşı mübarizə zamanı istifadə ediləcəkdir.
Ciddi şəkildə müzakirə olunan məsələlərdən biri də Azərbaycanda mənzil probleminin həllinə dövlətin dəstəyi və bu istiqamətdə ipoteka siyasətindən istifadə edilməsi ilə əlaqədardır. Əlbəttə, hörmətli Prezidentimizin irəli sürdüyü təşəbbüs nəticəsində Azərbaycanda ipoteka kreditləri açılıbdır və bu kreditlərin yüngülləşdirilməsi ilə əlaqədar çox ciddi tədbirlər həyata keçirilməkdədir. Amma reallıq və gerçəklik bundan ibarətdir ki, Azərbaycanda mənzillərin özü kifayət qədər baha olduğundan ipoteka kreditləri vasitəsi ilə də bu mənzillərin bütün insanlar tərəfindən əldə edilməsi problem doğurur. Azərbaycanın iqtisadiyyatı və maliyyə imkanları əsas yaradır ki, hökumət özü mənzilə ehtiyacı olan insanların bu ehtiyacını ödəmək üçün, eyni zamanda, mənzillərin qiymətinin süni surətdə artırılmasının qarşısını almaqdan ötrü böyük bir proqram hazırlasın. Bu proqramın həyata keçirilməsi üçün bir neçə milyard vəsait ayrılarsa, insanların mənzil problemini yüngül kredit əsasında həll etmək mümkün olar.
İkinci bir məsələ cəmiyyətimizdə ciddi müzakirə olunan dondurulmuş əmanətlərin qaytarılması ilə əlaqədardır. Uzun illərdir, bu istiqamətdə müzakirələr gedir. Əgər dondurulmuş əmanətlərin geri qaytarılması bu qədər asan olsaydı, yəqin, hökumət indiyə qədər bunu edərdi. Bunun kifayət qədər çətin, mürəkkəb bir proses olduğunu dərk edərək mən belə bir fikir səsləndirirəm. Bu fikrin nə dərəcədə real olduğunu, yəqin ki, hörmətli hökumət üzvləri təhlil edərlər. Bəlkə indi hökumət dondurulmuş əmanətləri daxili hökumət borcu kimi elan etsin, təsdiqləsin və bunu ifadə edən qiymətli kağızlar borc sahiblərinə qaytarılsın. Beləliklə də, bu problem xeyli dərəcədə asanlaşdırılmış olar. Ən azı o mənada asanlaşdırılmış olar ki, borcu dondurulmuş insanlar hökumətin dövlətdaxili borcu kimi onlara verdiyi qiymətli kağızlar vasitəsi ilə əmanətlərinin batmayacağına əminlik hasil edərlər. Eyni zamanda, yəqin ki, borcların qaytarılması müddəti də müəyyənləşdirilər. Beləliklə, gərginlik azalar, insanlarda inam yaranar ki, onların dondurulmuş borcları qaytarıla bilər.
Nəhayət, mən təhsilə və elmə ayrılan vəsaitin artırılması ilə əlaqədar səsləndirilən fikirlərlə həmrəy olduğumu bildirmək istəyirəm. Hesab edirəm ki, Azərbaycan hökuməti təhsilə və elmə ayrılan vəsaitlərdə qənaət etmək istiqamətini götürməməlidir. Azərbaycanın inkişafı bunu tələb eləyir. Müəllimlərin, elmi işçilərin əmək haqlarının artırılması bu vacib sahənin inkişaf etdirilməsi üçün çox əhəmiyyətli şərtlərdən biridir. Ona görə də mən hesab edirəm ki, gələn ilin büdcəsində imkan olacağı təqdirdə bizim bu təkliflərimiz nəzərə alınacaq və gələcək büdcələr tərtib olunan zaman da çoxsaylı deputatların və ictimaiyyət nümayəndələrinin bu istiqamətdəki istək və arzuları gerçəkləşəcəkdir.
Pensiyaların artırılması ilə əlaqədar səsləndirilən fikirlərə mən də qoşuluram. Fikrimcə, cəmiyyətimizin digər demoqrafik təbəqələrindən fərqli olaraq pensiyaçılar öz həyatlarını yalnız o halda yaxşılaşdıra bilərlər ki, hökumətin bu istiqamətə qayğısı artırılmış olsun. Mən hesab edirəm ki, büdcə layihəsində müəyyənləşdirilmiş prinsip müəyyən qədər ümidverici prinsipdir və inanmaq istəyirəm ki, bu istiqamətdə hökumətimizin atacağı addımlar kifayət qədər səmərəli olacaqdır.
Deputat həmkarlarım kimi mən də o fikirdəyəm ki, büdcə layihəsi kifayət qədər səmərəli şəkildə hazırlanıb və Azərbaycanda iqtisadiyyatın inkişafı ilə yanaşı, insanlarımızın rifahının yaxşılaşdırılması istiqamətində Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti əks etdirir, bu siyasətin bundan sonrakı uğurlarını şərtləndirmiş olur. Buna görə də Milli Məclisin üzvlərini təqdim olunan qanun layihəsinin təsdiq olunmasına səs verməyə səsləyirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Sevindik Hətəmov.
S. Hətəmov. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli həmkarlarım, hörmətli hökumət nümayəndələri! Hesab edirəm ki, müzakirəyə çıxarılan sənəd Azərbaycan reallıqlarını, iqtisadi inkişafı, əldə edilən uğurları tam əks etdirir. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan və cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasət nəticəsində 2006-cı ilin 9 ayı ərzində ümumi daxili məhsulun həcmi 12,7 milyard manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,7 milyard manat çoxdur. Dünya dövlətləri tərəfindən bu inkişaf sürəti yüksək qiymətləndirilib. Mən bəri başdan gələn ilin dövlət büdcəsini yüksək qiymətləndirir və hesab edirəm ki, hamı birmənalı şəkildə sənədin lehinə səs verməlidir.
Diqqətinizi başqa bir məsələyə yönəltmək istəyirəm. Təxminən 10 il ərzində büdcə gəlirlərimiz 300 milyon ABŞ dollarından 6 milyarda yüksəlib. Bu rəqəm Azərbaycandakı iqtisadi inkişafın göstəricisidir. Mən 2007-ci ilin dövlət büdcəsindən ayrılan müdafiə xərclərinin həcmini torpaqlarımızın işğaldan azad edilməsinə yönəlmiş addımlar sırasına aid edirəm. Tam əminəm ki, Azərbaycan güclü iqtisadiyyatı ilə Ermənistanı geri oturdacaq. 2007-ci ildə ölkəmizin müdafiə xərclərinə ayrılan 1 milyard ABŞ dolları həcmində vəsait təxminən Ermənistanın ümumi dövlət büdcəsinə bərabərdir. Bu həm də məcburi köçkünlər tərəfindən yüksək qiymətləndirilir.
Hörmətli Məclis iştirakçıları, bütün bunlarla yanaşı bəzi qeydlərim də var. Məcburi köçkünlərdən söz düşmüşkən qeyd etməliyəm ki, bu kateqoriyalardan olan insanların sosial müdafiəsinin təmin edilməsi tədbirlərinin maliyyələşdirilməsi üçün xeyli vəsait ayrılıb. 2007-ci ildə məcburi köçkünlərə verilən yemək xərci orta hesabla 33 faiz artırılıb. Bu da çörək pullarının 40 min manat olacağı deməkdir.
Amma mən hökumət nümayəndələrinin burada olmalarını nəzərə alıb bir məsələni qaldırmaq istəyirəm. Bu da dəniz səviyyəsinə görə bir sıra rayonların əhalisinə verilən yüksəklik pulu ilə bağlıdır. Məlumdur ki, işğal olunan rayonlar dəniz səviyyəsindən xeyli yüksəkdə yerləşir. İndi bu bölgələrin əhalisi respublikamızın müxtəlif rayonlarında məskunlaşmışdır. Tam əminəm ki, Prezidentimizin apardığı siyasət nəticəsində torpaqlarımız azad ediləcək. Hökumət nümayəndələrindən xahiş edirəm ki, bütün bunları nəzərə alaraq harada məskunlaşmalarından asılı olmayaraq məcburi köçkünlərin yüksəklik pulu almasına köməklik etsinlər. Hər halda bunun üçün o qədər də böyük vəsait tələb olunmur. Bu həm də məcburi köçkünlərin yaşayışının yaxşılaşmasına xidmət edərdi.
Toxunacağım növbəti məsələ “Yaşayış minimumu haqqında” Qanuna müvafiq olaraq sosial müavinətlərin mərhələlərlə yaşayış minimumu həddinə yaxınlaşdırılması ilə bağlıdır. Bunu da yüksək qiymətləndirirəm. Bunun üçün 120 milyon manat nəzərdə tutulub. Bu yüksək vəsait ölkəmizin ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış insanlara, şəhid ailələrinə və bu kimi digər kateqoriyalara şamil ediləcəkdir. Bu da başda cənab Prezident olmaqla, dövlətimizin müharibə iştirakçılarına qayğısıdır və keçmiş döyüşçülər arasında böyük əhval-ruhiyyə yaradır.
Ölkədə ünvanlı sosial yardımın tətbiqi ilə əlaqədar ehtiyac meyarının orta hesabla 42 faiz artırılması üçün dövlət büdcəsində 78 milyon manat vəsait nəzərdə tutulub. Bu onu göstərir ki, əhalinin sosial cəhətdən zəif təbəqəsinin təmin edilməsinə diqqət artırılır.
Mən elm və təhsil üçün büdcədən ayrılan vəsaitin artırılmasını da yüksək qiymətləndirirəm. Hesab edirəm ki, bu həm də gələcəyimizə diqqətin artırılması deməkdir.
Bir məsələni də qeyd etmək istəyirəm. Məcburi köçkünlərimizin həyat şəraitinin yaxşılaşdırılması üçün Ağcabədidə Qarqarçaydan yeni kanal çəkdilər. Həmin kanalın ətrafında 4000 hektar sahənin şorandan təmizlənməsi üçün görüləsi işlərin 2007-ci ilin investisiya proqramına salınmasını xahiş edərdim. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Azər Əmiraslanov.
A. Əmiraslanov. Təşəkkür edirəm, Ziyafət müəllim. Əvvəla, çıxış növbəsini mənə verdiyi üçün hörmətli həmkarım Tahir Süleymanova minnətdarlığımı bildirirəm.
Hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Öncə 2007-ci ilin dövlət büdcəsi ilə bağlı ümumi fikirlərimi bildirmək istərdim. Ümumiyyətlə, 2007-ci ilin büdcəsini sosial-iqtisadi və institusional effekt verə biləcək bir büdcə kimi xarakterizə etmək olar. Daxili və xarici təhlükəsizliyi təmin edən bu büdcə dövlətin öz funksiyalarını səmərəli həyata keçirməyə imkan verir. Son 4 ildə büdcəmiz artan, böyüyən bir büdcə kimi xarakterizə olunur. Mən xatırlatmaq istərdim, vaxt var idi ki, dövlət büdcəmizi dünyanın müxtəlif futbol klublarının, universitetlərinin büdcəsi ilə müqayisə edirdilər. Artıq elə bir müqayisə aparmaq imkanları heçə enir. Çünki 6 milyard yarım dollar həcmində büdcəsi olan nə futbol klubu tapmaq mümkündür, nə də hər hansı bir universitet. Büdcə sferasında çalışan 700 min nəfərin büdcədən əmək haqqı, 3,5 milyon nəfərin isə müxtəlif müavinət və yardımlar aldığını nəzərə alaraq, 2007-ci ilin büdcəsini həm də yoxsulluğun azaldılmasına, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilmiş büdcə də hesab etmək olar.
2007-ci ilin büdcəsi həm də ölkənin rəqabət qabiliyyətini təmin edən büdcədir. Yəni burada söhbət iqtisadiyyatın rəqabət qabiliyyətindən deyil, ölkənin, dövlətin özünün rəqabət qabiliyyətindən gedir. 2006-cı ilin hesabatına əsasən dünya rəqabət qabiliyyətliliyi indeksinə görə Azərbaycan 4,06 balla dünyada 64-cü yeri tutub. Reytinq cədvəlində Rusiya 62, Ermənistan 82, Gürcüstan 85-ci yerdədir. Qeyd edilən göstərici üzrə reytinqimizin yüksəlməsində iqtisadiyyatın inkişafı və infrastrukturunun bərpasına yönəldilmiş iri investisiya layihələrinin həyata keçirilməsi həlledici rol oynamışdır.
Makroiqtisadi baxımdan 2007-ci ilin büdcəsindəki bəzi müsbət məqamları da qeyd etmək istərdim. Neft Fondundan büdcəyə transferlər 2006-cı ildə 2005-ci ilə nisbətən 2,9 dəfə artırıldığı halda 2007-ci ildə heç bir artım gözlənilmir. Neft Fondu vasitəsi ilə fiskal ekspansiyanın qarşısı alınır. Neftin büdcə qiymətinin onun bazar qiymətlərinə yaxınlaşdırılması, yəni proqnoz qiymətinin 50 dollar səviyyəsində müəyyən edilməsi də müsbət qiymətləndirilməlidir. Bu, konyunktur gəlirlərin büdcə vasitəsi ilə yenidən bölgüsünə şərait yaradır.
Çox təəssüflər olsun ki, büdcənin müzakirəyə başlanması ilə həm də populist çıxışlara start verilib. Bunu mətbuat səhifələrində də görə bilərik. Dövlət büdcəsi ilə bağlı bəzən dırnaq içində əks arqumentlər də səsləndirilir. Məsələn, Azərbaycanda büdcə gəlirlərinin ümumi daxili məhsulda payının az olması və ayrı-ayrı ölkələrdə bu göstəricinin yuxarı olduğu qeyd olunur. Baxmayaraq ki, 2007-ci ildə bu göstərici 24 faiz təşkil edəcək, bunu büdcəmizin kiçik olması ilə izah etmək olmaz. Bu həm də büdcəmizin özünün strukturu ilə bağlıdır. Biz əgər büdcədənkənar fondları da nəzərə alsaq, deyə bilərik ki, büdcə gəlirləri ümumi daxili məhsulun 35 faizini təşkil edir.
Bəzi iqtisadçılar tərəfindən dövlət büdcəsi ilə bağlı birmənalı qarşılanmayan məqamlardan biri dövlət aparatı xərclərinin artması ilə bağlıdır. Birincisi, hər bir dövlət öz funksiyalarını həyata keçirmək üçün hərtərəfli maddi-texniki bazası olan dövlət idarəetmə aparatına malik olmalıdır. İkincisi, ölkəyə ucuz deyil, effektiv və vətəndaşa keyfiyyətli xidmət göstərən dövlət aparatı lazımdır. Bunu isə minimal xərclə təmin etmək olmaz. Üçüncüsü, dövlət idarəetmə xərclərinin artım tempi digər xərclərə nəinki mütənasibdir, hətta bəzilərindən aşağıdır. Biz əgər idarəetmə xərclərinin büdcə məxaricində payına da nəzər yetirmiş olsaq, görərik ki, son illər üzrə onun payı azalmaq üzrədir. Nəhayət, idarəetmə xərclərinin böyük bir hissəsi əmək haqqı fondundan ibarətdir. İdarəetmə sistemində əmək haqqının artırılması isə dövlətin antikorrupsiya proqramının əsas elementlərindən biridir.
Dünənki müzakirələrdə büdcə vəsaitlərinin infrastruktur layihələrə deyil,  qeyri-neft sektoruna, emal müəssisələrinə yönəldilməsi təklif edilmişdir. Bu çox prinsipial məsələ olduğuna görə bununla bağlı fikirlərimizi bildirmək istərdik. Birincisi, dövlət qeyri-neft sektorunu birbaşa olaraq büdcədən maliyyələşdirə bilməz. O, yalnız dolayı dəstək verə bilər. Bunun da investisiya şirkəti vasitəsi ilə həyata keçirilməsi planlaşdırılır. İkincisi, infrastruktur elə bir sahədir ki, onun maliyyələşdirilməsini yalnız dövlət öz üzərinə götürə bilər. Heç bir özəl şirkət infrastruktur obyektlərinə vəsait yatırası deyil və bunu özəl sektordan gözləmək sadəlövhlük olardı.
Azərbaycanın maliyyə imkanlarının artdığı vaxtdan etibarən Ermənistan siyasətçiləri və iqtisadçıları ölkəmizin militarist büdcə siyasəti həyata keçirməsi barədə müxtəlif səviyyələrdə fikirlər səsləndirirlər. Biz komissiyada müzakirə zamanı bu məsələyə də münasibətimizi bildirdik, hörmətli Ziyafət müəllim tərəfindən bu məsələ ilə bağlı çox maraqlı fikirlər səsləndirildi.
Birincisi, hər bir ölkənin müdafiə xərcləri onun dövlət büdcəsinə və iqtisadi inkişafına adekvat olur. 2007-ci ilin büdcə xərclərinin 42 faiz artması fonunda hərbi xərclərin 24 faiz artmasını militarist meyil kimi qiymətləndirmək tamamilə əsassızdır. İnvestisiya xərclərini iki dəfə artıran bir ölkə hərbi xərcləri nə üçün 25 faiz artıra bilməsin?
İkincisi, büdcə xərclərinin 14 faizini, ümumi daxili məhsulun isə 3,6 faizini təşkil edən hərbi xərclərimiz militarist büdcə meyarları ilə uzlaşmır. Əgər hərbi xərclər, bir qayda olaraq, ümumi daxili məhsulun 10 faizdən çoxunu, büdcə xərclərinin isə 25 faizdən çoxunu təşkil edərsə, bu halda militarist büdcədən söhbət gedə bilər. Digər ölkələrlə müqayisə etsək, Azərbaycanın nəinki militarist büdcəyə malik olmadığını, hətta hərbi xərclərimizin minimal səviyyəsini də əsaslandıra bilərik. Belə ki, Azərbaycanda hərbi xərclər büdcə xərclərinin 14 faizini təşkil etdiyi halda, bu göstərici Amerika Birləşmiş Ştatlarında 27, Rusiyada 26, Almaniyada 19, Böyük Britaniyada 18, Fransada 16 faiz təşkil etmişdir. Azərbaycan rəsmi olaraq öz hərbi xərclərini artırsa da, Ermənistan 1 milyard dollar həcmində hərbi texnikanı qeyri-leqal formada digər ölkələrdən hərbi yardım olaraq əldə edib. Bütün bunları nəzərə alaraq büdcəmiz həm də Ermənistana iqtisadi güc nümayiş etdirən bir büdcə olmalıdır.
Mən, eyni zamanda, büdcə ilə bağlı bəzi təkliflərimi də bildirmək istərdim. 2007-ci ildə büdcə xərclərinin 42 faiz, pul kütləsinin 60 faiz, ümumi daxili məhsulun isə 26,3 faiz artımla proqnozlaşdırılması istər-istəməz inflyasiya potensialı yaradır. Doğrudur, bir çox MDB ölkələri inflyasiyanı birrəqəmli həddə saxlasalar da, heç birində bizdəki kimi büdcə və pul kütləsi artımı müşahidə edilmir.
Bu nəzərə alınaraq, çox ehtiyatlı makroiqtisadi siyasət həyata keçirilməli, humanitar və fiskal siyasət bir-biri ilə uzlaşdırılmalı, nəticələrə əsaslanan büdcə prinsipinə keçilməlidir. Büdcə vəsaitlərindən səmərəli istifadəni müəyyən etmək üçün meyarlar və göstəricilər sisteminin hazırlanmasını vacib hesab edirik. Yəni büdcə vəsaitlərindən istifadənin səmərəliliyi ölçülə bilən nəticələrlə müəyyən olunmalıdır. Bu, əslində, bütün dünyada qəbul olunmuş yanaşmadır. Başqa sözlə, smeta maliyyələşdirilməsindən konkret nəticələrin maliyyələşdirilməsinə keçilməlidir.
Neft gəlirlərinin xərclənməsinə müəyyən məhdudiyyətlərin qoyulmasını məqsədəuyğun hesab edirik. Məsələn, modelinə istinad etdiyimiz Norveçdə neft-qaz gəlirlərindən ümumi daxili məhsulun 4 faizindən çox olmamaqla istifadə edilə bilər. Bu göstərici Qazaxıstanda 3,8 faiz həddində müəyyən edilib. Rusiyada bu həddin 2,8 faiz həddində saxlanılması təklif olunur. Bizdə isə bu rəqəm 14 faiz təşkil edir. Biz təkcə neft gəlirlərinin toplanılması üzrə deyil, həm də bu gəlirlərdən istifadə üzrə də Norveç modelinə istinad edə bilərik. Heç şübhəsiz, büdcə gəlirlərinin formalaşmasında neft sektoru hələ bir müddət həlledici rol oynayacaq. Neft bumunu yaşayan bir ölkə üçün bu, tamamilə təbii hesab edilməlidir. Lakin neft ixrac edən ölkələr, bir qayda olaraq, neft gəlirlərini nəzərə almadan büdcənin vəziyyətini qiymətləndirirlər. Bu, qeyri-neft gəlirlərinin hesablanması yolu ilə aparılır. Dövlət büdcəsinin neftsiz iqtisadiyyat rejiminə uyğunlaşdırılması məqsədi ilə bu kəsir azaldılmalıdır. Təsadüfi deyildir ki, ölkə başçısı antiinflyasiya tədbirləri ilə bağlı fərmanında bu kəsirin azaldılması istiqamətində tədbirlərin görülməsini hökumətə tapşırmışdır. Nəzərə almalıyıq ki, bu rəqəm həm də qeyri-neft sektorunun inkişaf səviyyəsini xarakterizə edir.
2007-ci ilin büdcə layihəsində qısamüddətli istiqraz vərəqələrinin satışının azaldılması, xarici borclanma hesabına 249 milyon manat məbləğində avroistiqrazların satışı nəzərdə tutulur.
Ümumiyyətlə, müzakirə etdiyimiz büdcə Azərbaycanda iqtisadi inkişafın yeni mərhələsinin büdcəsidir, bu büdcə inkişaf büdcəsidir. Bu büdcə gələcəyə hesablanmış büdcədir. Ona görə deputat həmkarlarımı bu büdcəyə səs verməyə çağırıram. Sağ olun.
Sədrlik edən. Sağ olun. Gülər Əhmədova.
G. Əhmədova. Təşəkkür edirəm. Hörmətli sədarət, hörmətli millət vəkilləri, hörmətli qonaqlar! Çıxışıma başlamazdan öncə Azər Əmiraslanova etdiyi çıxışa görə, hər birimizin fikrini öz çıxışında ifadə etdiyinə görə təşəkkürümü bildirirəm. Üç ilə yaxındır ki, regionların sosial-iqtisadi inkişafı planına əməl olunur. Bakının qəsəbələri üçün xüsusi proqram tərtib olunub. 13 illik fasilədən sonra Naxçıvan təbii qazla təmin edilib. Heç zaman qaz üzü görməmiş Lerik və Yardımlıya qaz xətti çəkilib, Xınalığa yol çəkilib. Eybi yoxdur ki, bundan yerli əhalinin cəmi 8 nəfəri istifadə eləyir, amma bunun çox böyük iqtisadi-siyasi mənası var. Hər bölgədə müasir tələblərə cavab verən müasir diaqnostika mərkəzləri tikilib. Böyrək çatışmazlığından əziyyət çəkən insanlara bölgələrdə şərait yaradılıb.
İnternatda yaşayan uşaqların ailələrə verilməsi ilə bağlı 2002-ci ildən Milli Məclisdə hər sessiyanın başlanğıcında rəhbərliyə müraciət edirdim və hər dəfə də “lazım deyil” sözlərini eşidirdik. Amma bu məsələ cənab Prezidentə çatan kimi bu barədə fərman verildi. Artıq bu məsələnin həllinə başlanmışdır.
Uzun illər ürək çatışmazlığından əziyyət çəkən minlərlə uşaq tələf olurdu. Yenə də məsələ cənab Prezidentə çatan kimi şəxsi təşəbbüsü ilə bir neçə uşağı xaricə, əməliyyata göndərdi. Daha sonra məlum oldu ki, ölkədə hər il 1500 uşaq bu cür doğulur. Ona görə cənab Prezidentin tapşırığı ilə lazımi vəsait tapıldı və Neftçilər xəstəxanasında ən müasir uşaq kardiocərrahiyyəsi yaradıldı. Bu mənim sadalaya biləcəyim işlərin bir hissəsidir. Cənab Prezidentlə bağlı işlərdir. Ona çatdırılmış problemlərin həllidir. Bu ölkədə 8 milyon əhali yaşayır, 8 milyon problem var. Bir insan bu problemlərə qulaq asmaq üçün nə qədər vaxt sərf etməlidir.
Cənab Prezident parlamentdəki sonuncu çıxışında, 2006-cı ilin 9 ayının yekunlarına həsr olunmuş çıxışında da uğurlarımızdan çox az danışdı, daha çox problemlərdən və buraxılmış səhvlərdən, onların aradan qaldırılması üçün atılacaq addımlardan söz açdı. Burada olan çıxışlara nəzər yetirsək, görərik ki, daha çox bu balansı gözləməliyik və hökumət üzvlərinin çıxışlarında da bu balansın nə dərəcədə olmasını özləri desələr, daha yaxşı olardı. Şübhəsiz ki, Nazirlər Kabinetinin həyata keçirdiyi bütün işləri hamımız görürük və çox böyük fərəhlə bunu təqdir edirik. Amma bu yerdə cənab Prezidentin çıxışında olan bir məqamı da yada salmaq yerinə düşərdi. Cənab Prezident təəccüblə dedi ki, “hara gedirəmsə, çəhrayı və tünd yaşıl divarlar görürəm”. Bizim də burada eşitdiyimiz çıxışlar ya çəhrayı, ya da tünd yaşıl tonlardadır.
Təəssüf ki, biz digər rəngləri görməkdən qorxuruq. Amma niyə qorxuruq? Digər rənglər də var və biz onları görüb deməliyik. Məsələn, yolları təmir etmək gözəldir. Bunun üçün Avtomobil Yolları Məqsədli Büdcə Fondundan pul ayrılıb, Bakı Şəhər İcra Hakimiyyəti yolların əsaslı təmiri üçün pul ayırıb, Sosial Müdafiə Fondunda yolların əsaslı təmiri üçün pul ayrılıb və sair təşkilatlarda da bu bənd var. Yaxşı, sizcə, bu büdcəni hazırlayanlar necə menecerdirlər və ümumiyyətlə, bu büdcə hazırlanarkən burada menecer işi görülübmü? Demək olar ki, yox.
Dövlət İnvestisiya Şirkəti bir ildir ki, yaradılıb. 100 milyon dollar bir ildir orada yatır. Bu kiçik məsələdirmi? Yenə menecerlik, idarəetmə problemi ortaya çıxır. Məsələ burasındadır ki, həyatımızın bütün sahələrində idarəetmə problemi ilə üzləşirik.
Bayaq qeyd etdim ki, regionlarda idman kompleksləri tikilir. Bu çox gözəldir. Bakıda binalar tikilir. Bu da çox gözəldir. Amma bu binaların böyük bir hissəsi uşaq və futbol meydançalarında tikilir. Buna kim cavab verəcək? İdmanı, futbolu dünya standartları səviyyəsinə qaldırmaq üçün büdcədən pul ayırırıq, sonra da meydançaların yerində yeni binalar tikirik. Necə bilirsiniz, ağlı başında olan şəxslər belə sərəncam imzalayarlarmı? Bu cür idarəetmə üsulu harada var?
Artıq bir neçə ildir ki, latın qrafikası ilə bağlı məsələlərə pul ayırırıq. Xahiş edirəm, vicdanla “bu ayırdığımız pulun müqabilində çap olunmuş kitablar haradadır?” sualına cavab verək. Onları kim sayıb?
Azərbaycanda bir müəllimə 8 uşaq, Amerikada 20-dən artıq uşaq düşür. Bu qədər müəllimi nə edirik? Əmək bazarı ilə qəbul komissiyası arasında idarəetmə funksiyasını kim yerinə yetirir? Bu işsiz müəllimləri, sosial narazılar sinfini nə üçün yaradırıq?
Küçələrin işıqlandırılması üçün büdcədən ayrılan vəsaitə baxaq, sonra da axşam vaxtı Əzizbəyov metrosundan aeroporta gedən yola, paralel yollara baxaq. Hansıları işıqlandırılır? Yasamal, Nərimanov, Sabunçu, Suraxanı rayonlarının küçələrini gəzək. Neçəsi işıqlandırılır? Bu vəsaitin xərclənməsinin qeyri-effektiv olmasını görmək üçün heç bir maliyyə-kəşfiyyat qurumuna ehtiyac yoxdur.
Mən komissiyada kənd təsərrüfatı və Hesablama Palatası ilə bağlı fikirlərimi dedim. Əlavə edəcəyim iki fikir ümummilli liderimiz Heydər Əliyevlə bağlıdır. Heydər Əliyevin ən böyük arzularından biri ölkənin özünü taxılla təmin etməsi idi. Bu sahədə indi nələr baş verir? Bizə dedilər ki, heyvandarlıqla bağlı elmi tədqiqatlar aparmaq üçün Kənd Təsərrüfatı Nazirliyinə pul ayırmışıq. Çox gözəl. Mal-qara Azərbaycanı götürüb gedir. Amma ətin qiyməti bahalaşır. Niyə? Birillik bitkilərin əkin sahələri azaldılır. Bu əkin sahələrinin 5-6 ildən sonra nə qədər qalacağı hələ ki bizim üçün məlum deyil. Bu suallara cavab vermək, məncə, yerinə düşərdi.
Digər bir məsələ. Gənclərin ikinci forumunda Heydər Əliyev uşaqlarla bağlı obyektlərin 1992–1993-cü illərdə talan edilməsi barədə konkret fikir söylədi. Biz indi bu tipli obyektləri özəlləşdirəcəyik. Bu çox gözəl bir işdir. Bu il bundan büdcə qazanacaq. Amma onları kim alacaq? 5 ildən sonra yenidən uşaq bağçası tikmək üçün büdcədən nə qədər pul ayıracağıq? Bu sualların cavabı varmı?
Əsir və Girovlar üzrə Dövlət Komissiyasının gördüyü işi tərifləməmək, cənab Eldar Mahmudova təşəkkür etməmək mümkün deyil. Amma bu, sadəcə, bir komissiyanın və bir dövlət adamının görəcəyi iş deyil.
Az-çox internetə girənlər yaxşı bilirlər ki, Qarabağla bağlı ermənilərin neçə saytı var, neçəsi də bizdədir. Qarabağla bağlı elmi tərcümə mərkəzlərimiz varmı? Bu sahədə çap materiallarımız, ezamiyyə xərclərimiz, tarixi abidələrin öyrənilməsi üçün nə qədər vəsait ayırmışıq? Cavab verə bilərlər ki, bu sahə ilə bağlı bir çox nazirliklərə ayrılan vəsaitlərdən istifadə etmək olar. Amma bu hər il deyilən sözdür və yalnız söz, təəssüf ki, söz. Prezidentimiz cənab İlham Əliyevin parlamentdə etdiyi sonuncu çıxış hər bir millət vəkilini məcbur etməlidir ki, biz bu məsələnin büdcədə ayrı bir qrafa şəklində göstərilməsi üçün çıxışlarımızda bunu qeyd edək, Nazirlər Kabineti tərəfindən bunun icra olunmasını təkid edək. Mən öz tərəfimdən bunu təkid edirəm. Bu məsələyə pul ayrılmalıdır. Pulsuz diplomatiya olmaz. Ehtiyac olarsa, bu vəsaitin haradan götürülməsi ilə bağlı təkliflərimi də verə bilərəm.
İkinci bir xahişim də bundan ibarətdir ki, cənab Prezidentin verdiyi fərmanlarla bağlı icraat xüsusi nəzərdən keçirilsin. Çünki biz çox tez-tez seçicilərimizə bununla bağlı cavablar verməli oluruq.
Daha çox təhsillə bağlı olan insanların dediyi və əlavə edəcəyim daha bir fikir ondan ibarətdir ki, bu gün Rusiyada təhsil alan tələbələrə 25 dollar təqaüd veririk. Hər kəs çox gözəl bilir ki, Rusiyada bu pulla dolanmaq qəti mümkün deyil. Azərbaycanın gənclik dövlət proqramına 1,7 milyon manat ayırmışıq. Bizim büdcəmizin imkanları müqabilində Azərbaycan gəncliyinə bu qədər vəsaitin ayrılması, məncə, çox azdır. Bu rəqəmi artırmaq üçün, güman edirəm ki, müəyyən resurslarımız var. Bu rəqəmi artırmaq çox vacibdir. Azərbaycan gənclik dövlət proqramı 1,7 milyon manat... Azərbaycan gənclərinin ölkə əhalisi arasında xüsusi çəkisini nəzərə alsaq, deməliyik ki, bu pulla heç bir şey etmək mümkün deyil. Bu vəsaiti mütləq artırmaq lazımdır.
Öz tərəfimdən Qənirə xanımın qaldırdığı bütün məsələləri dəstəkləyirəm. Həm şəhid ailələri, həm tibbi sığorta məsələləri 8 milyon xalqın problemidir. Əmanətlərin qaytarılması, şübhəsiz ki, çox vacib məsələdir. Bununla bağlı bizə konkret vaxt deyilməli və konkret fikirlər söylənilməlidir.
Eyni zamanda, qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikasının 2007-ci il büdcəsi haqlı olaraq hər bir millət vəkili tərəfindən, mənim də tərəfimdən çox yüksək qiymətləndirilir və bu büdcəyə səs verəcəyik. Amma bayaq dediyim məsələlər Azərbaycan Respublikası büdcəsində nəzərdə tutulmalıdır. Menecerlik, idarəetmə məsələləri ilə bağlı fikirlərimizi hər halda Nazirlər Kabinetində daha geniş müzakirə aparılması üçün bir mövzuya çevirməliyik.
Komissiyada dediyim daha bir fikri burada təkrar etmək istəyirəm. Bayaq Cəmil müəllim Hesablama Palatasının “Zerkalo” qəzetinə verdiyi müsahibə ilə bağlı fikrini ifadə etdi. Mənə elə gəlir ki, Hesablama Palatası bu fikirlərini Milli Məclisə çatdırsa və ümumiyyətlə, gördüyü işlərlə bağlı Milli Məclisə hesabat versə, daha effektiv, daha gözəl olar. Çünki, – mən keçən dəfə də komissiyada dedim, – bu gün Hesablama Palatasının gördüyü iş qənaətbəxş deyil. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Səfər Məmmədov.
S. Məmmədov. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli millət vəkilləri! Mən çıxışımı çox uzun etməyəcəyəm, çünki istər hökumət nümayəndələri, istərsə də məndən əvvəl çıxış edən millət vəkilləri büdcəyə kifayət qədər toxundular. Həqiqətən də, büdcə çox böyük tutumlu büdcədir, bütün sahələrə kifayət qədər vəsait ayrılıb.
Ancaq mən kənd təsərrüfatı rayonundan millət vəkili seçildiyim üçün yalnız kənd təsərrüfatı sahəsinə toxunacağam. Bu sahəyə ayrılan vəsait, aydın məsələdir, bu gün Azərbaycanın kənd təsərrüfatını tam əhatə edə bilməz. Bu, kiçik bir rəqəmdir. Bunun içərisində meliorasiya işlərinə ayrılan vəsait, demək olar ki, ümumiyyətlə, heç bir şeyə yaramır. Nə üçün? Mən dediklərimi Beyləqan rayonunun timsalında əsaslandırmağa çalışacağam. Ziyafət müəllim, Sizin də o rayonla yaxşı tanışlığınız var. Vaxtilə bu rayonda 90 min ton pambıq, 50 min ton taxıl istehsal olunub. Ancaq bu gün bu məhsulun 10 faizi də istehsal olunmur. Niyə, səbəb nədir? Uzun illərdir bu torpaqlarda bir metr də olsun meliorasiya işləri aparılmır, dirək şəbəkələri təmizlənmir, qrunt suları nəinki əkin sahələrini, həyətyanı sahələri də basıb. Ayrılan vəsait təyinatı üzrə xərclənmir. Mən bunu tam səmimiyyət və əminliklə deyirəm. Meliorasiya işlərinə 114 milyon manat pul ayrılıb. Ancaq Beyləqan rayonunda 1 metr torpaqda meliorasiya işi aparılmırsa, bir dirək şəbəkəsi təmizlənmirsə, bəs bu vəsait hara xərclənir? Mən çox xahiş edirəm ki, hökumət bunun təyinatı üzrə xərclənməsinə nəzarət eləsin.
İkinci məsələ Beyləqanın qazlaşdırılmasıdır. Möhtərəm Prezidentimizin də bu barədə göstərişi vardır ki, 2006-cı ildə Beyləqan rayonuna Ağcabədi rayonundan qaz çəkilsin və 2007-ci ildə bu iş tamamlansın. Lakin vəsait olmadığından bu günə qədər bu işə heç başlanmayıb da. Yaxşı olardı ki, əlaqədar nazirliklər bununla məşğul olsunlar. Çünki Beyləqan rayonunda heç bir təbii yanacaq növü yoxdur, əhali qış vaxtlarında enerjini fasilələrlə aldığı üçün çox çətinliklər çəkir. Üstəlik bu rayonda 17 mindən yuxarı qaçqın yaşayır. Ona görə də bu məsələyə diqqəti artırmaq lazımdır.
Üçüncü məsələ. Rayon əhalisindən çoxlu şikayətlər daxil olur. Kənd Təsərrüfatı Nazirliyinin, yəqin, bu gün burada nümayəndələri iştirak edirlər. Vaxtilə ölkədə torpaq islahatı gedəndə yüzlərlə beyləqanlının mülkiyyət hüququ pozulub. Bu gün də bu yazışmalar, müxtəlif instansiyalara ərizələr göndərilməsi davam edir. Üç təsərrüfatda – Şəfəq, Qəhrəmanlı, Bahar qəsəbələrinin hər birində dövlət fondunda 400 hektardan artıq torpaq saxlayıblar. Bunların heç biri effekt vermir. Əlavə edək ki, qoyunçuluq təsərrüfatında kim işləyirsə, 6 aydan sonra türməyə gedir. Bu gün o torpaqlar kimə qulluq edir, kim onu əkir, oradan nə götürülür? Dövlətin milyonlarla pulu xərclənir, ayrı-ayrı adamların cibinə gedir, oradakı məhsullar da ancaq ayrı-ayrı adamların mənafeyinə xidmət edir. Beləliklə, ciddi narazılıq yaranır. Bu barədə kənd təsərrüfatı nazirinə dəfələrlə müraciət etmişik. Maraqlıdır ki, vaxtilə bunu dəstəkləyən kənd təsərrüfatı naziri İrşad müəllim özü bu gün Beyləqan rayonunun icra başçısı kimi bu problemlərin içərisindədir. Ona görə xahiş edirəm, bu məsələyə də diqqət yetirilsin.
Çıxışımın sonunda qısa danışacağam. Mən keçən dəfə də səhiyyə barədə fikrimi dedim. Yoldaşlar səhiyyə ilə bağlı vəziyyəti çox vəsf etdilər. Ancaq səhiyyədə bu gün nələr baş verir, onu hamı bilir. Apteklərdə nələr baş verir, bunu hamı bilir. Keyfiyyətsiz, vaxtı ötmüş milyonlarla manatlıq dərmanlar satılır. Rayon xəstəxanalarında özbaşınalıq baş alıb gedir. Hətta təcili yardımda xəstəyə vurmağa adi keyidici dərman belə tapılmır. Səhiyyəyə bu qədər pul ayrılır. Bu pulların necə xərcləndiyinə kim nəzarət edir? Ona görə də xahiş edirəm, burada belə problemlərin olduğu nəzərə alınsın. Beyləqan rayonunda olan bu problemləri qaldırmaq bir millət vəkili kimi mənim borcum idi və mən bunu sizə çatdırdım.
Sonda mən bu büdcə layihəsini yüksək qiymətləndirən həmkarlarımın çıxışlarını dəstəkləyərək bu başdan bildirirəm ki, onun lehinə səs verəcəyəm. Ancaq çox istərdim ki, bu problemlər müəyyən nazirliklər tərəfindən həll edilsin. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S. Novruzov. Təşəkkür edirəm. Hörmətli Ziyafət müəllim, hörmətli hökumət üzvləri, hörmətli Milli Məclisin deputatları! Milli Məclis üzvlərinə təqdim olunan büdcəmiz ilbəil daha da təkmilləşdirilir və daha geniş sahələri əhatə edir. 2007-ci ilin dövlət büdcəsi ümummilli liderimiz Heydər Əliyevin qoyduğu təməl üzərində Prezidentimiz İlham Əliyevin davam etdirdiyi iqtisadi siyasətin, islahatların parlaq təcəssümüdür. Gələn ilin büdcəsinin həcminə nəzər salsaq, görərik ki, Azərbaycan Respublikasının dövlət büdcəsi Cənubi Qafqaz dövlətlərinin ikisinin büdcəsindən daha zəngindir. Dövlət büdcəsinin ayrı-ayrı sahələrinə, istər ayırmalara, istərsə də daxilolmalara nəzər salsaq, görərik ki, bu məsələlər professional şəkildə öz həllini tapıbdır.
Lakin mən bir neçə məsələyə münasibətimi bildirmək istəyirəm. Bir neçə gün bundan qabaq cənab Prezidentin Brüsselə səfəri və orada imzaladığı sənədlər bir daha sübut edir ki, Azərbaycan Avroatlantik məkana inteqrasiya edir. Biz artıq öz qanunlarımızı və o cümlədən apardığımız işləri Avropa standartlarına uyğunlaşdıraraq daim bu sahədə inkişafımızı davam etdirməliyik. Şübhə yoxdur ki, bu büdcə hələ son hədd deyildir, Azərbaycan Respublikası dövlətinə və xalqına gələcəkdə daha zəngin büdcələr təqdim olunacaqdır.
Son vaxtlar Azərbaycanda çox böyük işlər görülüb. Büdcənin vəsaiti, o cümlədən Neft Fondundan və Heydər Əliyev Fondundan ayırmalar hesabına məktəblər, səhiyyə obyektləri, böyük diaqnostik mərkəzlər tikilir, yeni model elektrik stansiyaları inşa olunur. Tələbələrimizin xaricdə təhsil alması və Azərbaycana lazım olan kadrların yetişdirilməsi üçün vəsait ayrılır. Kənd təsərrüfatı sahəsində fermerlərə yardım göstərilməsi, texnikanın, o cümlədən gübrə və digər ləvazimatların alınması kənd təsərrüfatının inkişafına xüsusi diqqətin təzahürüdür.
Bir məsələyə toxunmaq istəyirəm. Mən Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvü kimi qeyd etmək istərdim ki, büdcədən ayrılan hərbi xərclərin artırılması çox təqdirəlayiqdir. Bu yaxınlarda NATO Parlament Assambleyasının nümayəndə heyəti ilə Müdafiə Nazirliyində keçirdiyimiz görüşlərdə qeyd olundu ki, Azərbaycan ordusunun NATO standartlarına uyğunlaşdırılması artıq 2007-ci ilin sonlarına qədər tam başa çatdırılacaqdır. 1 milyard hələ kifayət deyil, gələcəkdə bunu daha da artırmalıyıq. Çünki bizim Dağlıq Qarabağ kimi problemimiz var və bu problemin həllində ordunun büdcəsi, ordunun rolu mühüm əhəmiyyət kəsb edəcək. Ona görə hərbçilərin əmək haqqının bir neçə dəfə artırılması təqdirəlayiq olardı.
Hüquq mühafizə və təhlükəsizlik orqanlarına da büdcədə lazımi qədər vəsait ayrılmalıdır. Onlar əhalinin ictimai asayişinin keşiyində dayanır. Hərdən görürsən ki, bu insanlara bir az qısqanclıqla yanaşılır. Halbuki bunlar ən çox əziyyət çəkən insanlardır və bu insanların da sosial müdafiəsinə ciddi ehtiyac var.
Rayonların sosial-iqtisadi inkişafı ilə əlaqədar işlər gedir. Burada bir məsələyə toxunmaq istəyirəm. Cənab Baş nazir burada olmasa da, onun müavinləri, digər nazirlər bu iclasda iştirak edirlər. Hər bir məsələ plan əsasında qurulmalı, hər bir işin planı olmalıdır. Dövlətin, Prezidentin apardığı iqtisadi siyasət nəticəsində yığılan pulları kortəbii, pərakəndə fəaliyyət nəticəsində havaya sovurmağın heç bir mənası yoxdur. Mən hesab edirəm ki, hər bir iş planlı surətdə, dəqiq həyata keçirilərsə, sonradan yanğınsöndürmə funksiyasını yerinə yetirməyə ehtiyac qalmaz. İlbəil nəzərdə tutulmalıdır ki, hansı rayonda hansı işlər görülməlidir, hansı məsələ hansı formada həll olunmalıdır. Bəli, bu gün rayonlarda işlər aparılır. Məsələn, Lənkəranı, Göyçayı, Qubanı, Ağdaşı, Zaqatalanı qeyd etmək olar. Son dövrlərdə Cəlilabad rayonunda gedən işləri fundamental, əsaslı, zövqlü hesab edirəm. Lakin yerlər var ki, dörd dəfə rəhbəri dəyişib, eyni küçə uğrunda mübarizə gedir. Hər dəfə dövlət büdcəsindən ayrılan vəsait şəhərin ancaq bu hissəsinə sərf olunur. Bir nəfər də bu haqda məlumat vermədi ki, ayrılan vəsaitlərin düzgün xərclənməməsinə görə kim cəzalandırılıb, kimin haqqında bir ölçü götürülüb, hansı yoxlama keçirilibdir. Bunun haqqında Milli Məclis deputatlarının məlumatı yoxdur.
Heç də təsadüfi deyil ki, möhtərəm Prezidentimiz keçən çıxışında qeyd etdi ki, bəzi rəhbər işçilər anbarlarda qalan zövqsüz rəngləri götürüb binaları rəngləməklə dövlət büdcəsi vəsaitini sağa-sola səpələyirlər. Mən hesab edirəm ki, bu sahə ilə məşğul olan insanlar Naxçıvan Muxtar Respublikasına səfər edib, orada aparılan fundamental, əsaslı, zövqlü tikinti, abadlıq, quruculuq işlərinə nəzər salmalı, bu təcrübəni öyrənərək öz işlərində tətbiq etməlidirlər. Görün, Heydər Əliyev siyasi kursu Naxçıvan Muxtar Respublikasında necə həyata keçirilir, hansı abadlıq işləri görülür. Naxçıvana gələn səfirlərin hamısı onu Avropanın bir şəhəri hesab edir. Yollar, küçələr genişləndirilir, işıqlandırılır. Blokada şəraitində olan Naxçıvanın təkcə paytaxtında deyil, bütün rayonlarında bu iş həyata keçirilir. Əgər bu orada olursa, niyə digər yerlərdə həyata keçirilmir? Bu sahədə Nazirlər Kabineti bir qərar qəbul edib təcrübə mübadiləsinin aparılması üçün bu insanları orada toplamalıdır.
Mən bir məsələyə də toxunmaq istəyirəm. Bu yaxınlarda yarım saat ərzində yağış yağdı. Bakı şəhərini sel aparmışdı. Şəhərin küçələrində hərəkət etmək mümkün deyildi. Əgər bu bir sutka davam etsəydi, vəziyyətimiz necə olacaqdı? Yəqin, Venesiyadakı kimi küçələrə qayıq salıb üzməli olacaqdıq. Yaxşı ki, Fövqəladə Hallar Nazirliyinin operativ müdaxiləsi nəticəsində bunu aradan qaldırmaq mümkün oldu. Amma bunun səbəbləri aradan qaldırılmalıdır. Gündə bir küçə qazılır, təmir olunur, sabah onun yanından bir başqası yeri qazımağa başlayır. Dünən asfalt vurduqları küçəni ertəsi gün qazımağa başlayırlar. Bu iş bir mərkəzdən idarə olunmalıdır. Onu mülkiyyət məsələsi ilə əlaqədar pərakəndə surətdə aparıb, dövlətin pulunu dağıtmaq olmaz.
Daha bir məsələ. Həmkarım Mübariz Qurbanlı burada məsələ qaldırdı. Azərbaycanda otlaq sahələri, əkin sahələri artıq qalmayıb. Adamlar var ki, respublikanın bütün rayonlarında hektarlarla sahəni götürüb bir ev tikir, ora bir nəfər gözətçi qoyur. Sonra da vaxtı çatmır ki, ildə bir gün gedib orada yaşasın. Mülkiyyət vergisi də vermir. Biz rayonlara səfər edirik, görürük. İnsanların artıq otlaq sahəsi, əkin sahəsi qalmayıb. Bu, gələcəkdə böyük fəlakətlərə gətirib çıxaracaq. Ona görə də mülkiyyət vergisi mütləq olmalıdır.
Digər bir məsələ. Türkiyənin dövlət büdcəsi gəlirlərində birinci və ya ikinci yeri, səhv eləmirəmsə, xidmətdən gələn gəlir tutur. Bu gün Azərbaycanda xidmətdən gələn gəlir büdcə cədvəlinin heç bir qrafikinə daxil ola bilmir. Azərbaycan kimi təbiəti olan, Azərbaycan kimi turizm imkanları olan bir ölkənin xidmət sahəsi indi, nədənsə, ən az gəlir gətirən sahədir. Ona görə xidmət sahəsinə xüsusi diqqət yetirilməlidir.
Daha bir məsələyə toxunmaq istəyirəm. Naxçıvan Muxtar Respublikasının blokada şəraitində olması nəzərə alınaraq, Naxçıvana uçan hava təyyarələri dəyişdirilməlidir. Ukraynadan, başqa-başqa yerlərdən köhnə, nimdaş təyyarələri alıb Naxçıvan Muxtar Respublikasına göndərmək olmaz. Orada hər reysdə 150-170 nəfər insan uçur. Bu insanların hər anı təhlükə qarşısındadır. Bura normal təyyarələr uçmalıdır. Sabah bir hadisə baş verəndə buna kim cavab verəcək? Bu gündən biz həyəcan təbili çalaraq bəyan eləyirik ki, Naxçıvan Muxtar Respublikasına uçan təyyarələr dəyişdirilməli, ən yenisi, ən yaxşısı ilə əvəz olunmalıdır. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, Siyavuş müəllim. Əli Hüseynov.
Ə. Hüseynov. Çox sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Bütün çıxış edənlər 2007-ci ilin dövlət büdcəsinin əsas etibarilə investisiya və sosial yönlü bir büdcə olduğunu qeyd etdilər. Məncə, onu əvvəlki büdcələrdən mahiyyət baxımından fərqləndirən məhz investisiya yönlü olmasıdır. Amma düşünürəm ki, bu cür büdcəni əldə etmək naminə keçdiyimiz siyasi yolu heç zaman yaddan çıxarmamalı və unutmamalıyıq ki, Azərbaycanda ümummilli liderimiz Heydər Əliyevin həyata keçirdiyi müdrik daxili və xarici siyasətin və xüsusən də dəfələrlə vurğuladığımız bu ictimai-siyasi sabitliyin nəticəsində biz, nəhayət ki, milyardlarla dollar vəsaitdən danışa bilirik. Əlamətdar haldır ki, torpaqlarımızın işğal olunmasına, geopolitik vəziyyətimizin mürəkkəbliyinə baxmayaraq, biz qonşularımızı keçə bilmişik. Ən azından bu, fəxr ediləsi bir amildir. Bu gün müzakirə etdiyimiz məsələlər isə cənab Prezidentin qeyd etdiyi kimi, bu vəsaitin şəffaf xərclənməsi yolunda görəcəyimiz işlərdir.
Azərbaycanda son illər regionlarda görülən işlər çox qeyd olunub. Təmsil etdiyim Yevlax-Mingəçevir seçki dairəsində də bu işlər çox uğurla gedir. Yevlaxda görülən işləri xüsusi qeyd etmək istəyirəm. Burada söhbət təkcə abadlıq, quruculuq işlərindən getmir. Əsas odur ki, Yevlağın ilk növbədə infrastrukturunun müasir tələblərə cavab verməsi və sənaye potensialının gücləndirilməsi yönündə düzgün siyasət aparılır. Bu gün artıq Yevlax ərazisində biz neçə yüz iş yeri açılan müəssisələrdən bəhs edə bilirik. Mingəçevir şəhərində də çoxlu quruculuq işləri gedir. Amma bilirsiniz ki, bu yaxınlarda yağmış yağış və uzun illərdən qalan həll olunmamış problemlər nəticəsində Mingəçevirdə fövqəladə vəziyyət yaranmışdır. Cənab Prezident bununla bağlı xüsusi bir fərman imzalamış, sərəncamlar vermişdir. Hazırda həm Fövqəladə məsələlər dövlət komissiyasının, həm də Fövqəladə Hallar Nazirliyinin nümayəndələri Mingəçevir şəhərindədirlər və o təhlükə müəyyən qədər aradan qaldırılmışdır. Amma bu problem hələlik köklü həllini tapmamışdır.
Bütün bunlarla yanaşı, millət vəkilinin və seçicilərimin müraciəti əsasında öz həllini tapmış məsələləri də xüsusi olaraq qeyd etmək istəyirəm. Uzun illər su problemindən əziyyət çəkən əraziyə növbəti ildə su çəkilməsi nəzərdə tutulub, Mingəçevir şəhər stadionunun yenidən qurulması ilə əlaqədar Gənclər və İdman Nazirliyi ilə razılaşma əldə olunub, regionlarda Mədəniyyət Nazirliyi tərəfindən bir çox teatr binalarının təmiri nəzərdə tutulub ki, bunlardan biri də Mingəçevir Dram Teatrıdır. Bütün bunlar çox müsbət hallardır. Yevlax rayonu ərazisində Xaldan kənd orta məktəbinin əsaslı təmiri ilə bağlı Təhsil Nazirliyi ilə razılaşmamız əldə olunmuşdur. Bütövlükdə Yevlax ərazisində işıq təminatı ilə bağlı elektrik sayğaclarının quraşdırılması baxımından bizim müraciətlər nəzərə alınmışdır və çox effektiv işlər gedir. Bununla əlaqədar olaraq seçicilərimin təşəkkürünü də çatdırmaq istərdim.
Ancaq sözsüz ki, problemlər də qalıb. Düşünürəm ki, Mingəçevir şəhərində Bozdağın ətəyi boyunca yerləşən sel sularından mühafizə kanalının yararsız vəziyyətə düşməsi nəticəsində yaranmış problem köklü şəkildə həll olunmalıdır. Bu məqsədlə cənab Prezident tərəfindən vəsaitlər ayrılmışdır və bu proses davam etməlidir. Heydər Əliyev Fondu tərəfindən, bir çox rayonlarda olduğu kimi, Yevlax rayonunda da yeni məktəb binaları tikilmişdir. Amma mən hökumətə Əcəmi kənd orta məktəbinin yenidən qurulması ilə bağlı müraciət etmişəm və düşünürəm ki, bu məsələ də öz həllini tapacaqdır. Təbii ki, məktəblərin tikilməsi, təmiri və yenidən qurulması tək Heydər Əliyev Fondu tərəfindən həyata keçirilə bilməz. Bu, hökumətin də əsas fəaliyyət istiqamətlərindən biri olmalıdır.
Hörmətli maliyyə naziri öz çıxışında xarici ölkələrdəki səfirliklərimizin, diplomatik nümayəndəliklərimizin yenidən qurulması, onlara torpaq sahələrinin ayrılması və səfirliklərin binalarla təmin olunması məsələsi ilə bağlı xüsusi bir fikir vurğuladı. Bu fikir ondan ibarət idi ki, əvvəlki illərdən fərqli olaraq maliyyə icarəyə yox, səfirliklər və diplomatik nümayəndəliklər üçün torpaq sahəsinin alınması, binaların tikilməsi və mümkünsə, yeni binaların alınmasına yönəldiləcəkdir. Bu, tamamilə düzgündür. Çünki bu təqdirdə maliyyə itkilərinin qarşısı alınmış olur. Son dövrlər Maliyyə Nazirliyi tərəfindən bu sahədə aparılmış yoxlamalar da buna vadar eləyir.
Amma bununla bağlı Azərbaycan-Bolqarıstan parlament qrupunun rəhbəri kimi bir məsələyə diqqət yetirməyinizi xahiş edirəm. Biz, bu qrupun üzvləri Bolqarıstanda səfərdə olmuşuq. Bolqarıstan bizim strateji müttəfiqlərimizdən biridir və o da neft müqavilələrinə bu və ya digər formada qoşulmaq fikrindədir. Amma iş ondadır ki, Bolqarıstan və Rumıniya artıq 2007-ci ildən Avropa Birliyinin üzvü olacaq və təbii ki, qiymətlər tamamilə dəyişəcək. Bu baxımdan çox xahiş edirəm ki, Bolqarıstan Respublikasında Azərbaycan səfirliyinin bina ilə təmin olunması məsələsi ayrılmış vəsait çərçivəsində növbəti büdcə ilində öz həllini tapmış olsun. Əks təqdirdə biz bundan sonra ayrılacaq vəsaiti bir neçə dəfə artırmaq məcburiyyətində qalacağıq. Çünki qeyd etdiyim kimi, Bolqarıstan artıq 2007-ci ildən Avropa Birliyinin üzvü olacaq.
Hörmətli həmkarlarım, bu cür böyük maliyyə axını Azərbaycanda korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə də bizi vadar etməlidir. Cənab Prezident də öz çıxışında qeyd etmişdir ki, bu sahədə müəyyən işlər görülmüşdür. Amma bu mübarizəni daha da genişləndirmək lazımdır. Görülmüş işlər – həm qanunvericilik işləri, həm də Korrupsiyaya qarşı mübarizə üzrə dövlət komissiyasının həyata keçirdiyi işlər nəticəsində müəyyən nailiyyətlər əldə etmişik.
Yəqin, mətbuatdan da bilirsiniz, beynəlxalq şəffaflıq təşkilatının Azərbaycan bölməsi bir neçə gün bundan əvvəl müəyyən açıqlamalar verdi. Bu açıqlamalara görə Azərbaycan reytinq cədvəlində 163 dövlət sırasında 133-cü yerdədir. Yəni bir neçə pillə aşağı enmiş və 2,2-2,6 balla qiymətləndirilmişdir. Əlbəttə, mən bunu tam obyektiv hesab etmirəm, burada siyasi elementin olduğu məlumdur. Biz bunu özümüz də qeyd etmişik ki, burada bir siyasi yanaşma var. Amma bu bizi narahat etmir. Ona görə ki, biz korrupsiyaya qarşı mübarizəni hər hansı bir beynəlxalq təşkilatın verdiyi və gəldiyi nəticəyə görə aparmırıq. Bu bizim dövlətin siyasətidir, Prezidentin bəyan etdiyi siyasi kursdur. Heç kim razı olmaz ki, böyük bir əzab-əziyyətlə müstəqilliyi qoruyub saxlayaraq əldə etdiyimiz vəsait əbəs yerə xərclənsin. Ona görə də burada, təbii ki, ciddi dövlət nəzarətinin olacağı məlumdur.
Cinayət təqibindən tutmuş işdən azad olunmaya qədər tədbirlər də həyata keçirilir. Amma eyni zamanda, qeyd etmək istəyirəm ki, hüquq mühafizə orqanlarında, məhkəmə orqanlarında əmək haqqının artması da, əslində, korrupsiyaya qarşı dövlət proqramının tərkib hissəsidir. Əlbəttə, əmək haqqının azlığı korrupsiyaya qurşanmağa mənəvi haqq vermir. Biz heç də elə düşünmürük ki, ancaq əmək haqqının artırılması ilə korrupsiyaya qarşı uğurlu mübarizə aparmaq olar. Amma bu onun bir tərkib hissəsidir. Bu bir dövlət siyasətidir və bu uğurlu bir siyasətdir. Eyni zamanda, işləyən əhalinin bəzi təbəqələrinin az əmək haqqı alması ilə bağlı siyasi alver etmənin də yeri deyil. Bizim opponentlərimiz burada çox vaxt hörmətli həkim və müəllimlərimizi nəzərdə tuturlar. Müxalifət hər zaman bir çətinliyə düşəndə, bir arqument axtaranda müəllimlərlə həkimlər yada düşürlər. Bəs müxalifətdə olanlar özləri hakimiyyətdə olanda ziyalını, həkimi, müəllimi yada salırdılarmı? Əlbəttə, bu bir problemdir və biz bu problemi həll edəcəyik. Gələcək üçün bu problemin həlli yollarından biri də həkimlərin və müəllimlərin ciddi test üsulu tətbiq edilməklə, peşəkarlığın artırılması baxımından...
Sədrlik edən. Sağ olun, Əli müəllim. İsa Həbibbəyli.
İ. Həbibbəyli. Sağ olun, Ziyafət müəllim. Hörmətli millət vəkilləri! Müzakirəyə çıxarılan Azərbaycan Respublikası dövlət büdcəsinin layihəsi möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan uğurlu iqtisadi siyasətin və məqsədyönlü təşkilatçılıq işinin çox aydın və real ifadəsidir. Təqdim olunan dövlət büdcəsi layihəsi həm də cənab İlham Əliyevin Prezident seçilməyinin 3 illiyinin çox parlaq və sanballı hesabatıdır.
2007-ci ilin büdcəsində təhsilə ayrılan xərclərin keçən illə müqayisədə nəzərəçarpacaq dərəcədə artırılması mühüm əhəmiyyətə malikdir. Avropa ölkələrinin təcrübəsi göstərdi ki, elmi və təhsili üstün templə inkişaf etdirmədən cəmiyyətdə, ümumiyyətlə, irəliləyişə malik olmaq çətindir. Məlumdur ki, İkinci dünya müharibəsində məğlub olmuş Almaniya və Yaponiya yalnız və yalnız elmi və təhsili inkişaf etdirməklə, bu zəmində yeni texnologiyalara meydan açmaqla dünyanın aparıcı ölkələri sırasına çıxdılar. Bu gün qabaqcıl dünya ölkəsi kimi tanınan bir çox dövlətlər heç bir yeraltı, yerüstü sərvətə malik olmadıqları halda elmi və təhsili ön sıraya çəkməklə dünyada aparıcı mövqe qazanmaq imkanı əldə eləyiblər. Bütün bunlara görə mən 2007-ci ilin dövlət büdcəsində təhsilə bir qədər artıq önəm verilməsini, ümumiyyətlə, Azərbaycan cəmiyyətinin inkişaf etdirilməsinə möhtərəm Prezident İlham Əliyevin düşünülmüş, məqsədyönlü qayğısının ifadəsi kimi baxıram. Azərbaycanda müdafiə sənayesi və neft təsərrüfatı qədər təhsili də inkişaf etdirmək ölkəmizi daha böyük sürətlə inkişaf etdirmək üçün ən düzgün, ən münasib siyasətin ifadəsi olardı. Ona görə də mən təhsilə daim diqqət yetirilməsini, təhsilə ayrılan xərclərin artırılmasını həmişə vacib sayır və hesab edirəm ki, bu xərclər əmək haqqı məsələlərini də əhatə eləməlidir. Çünki əmək haqqı sahəsində ciddi irəliləyişlərə nail olmaqla təhsildə bir çox problemləri qətiyyətlə həll etmək mümkündür.
Mən burada bir məsələyə də toxunmaq istəyirəm. Bir neçə il bundan əvvəl elmi dərəcəyə görə verilən əlavələr son dərəcə az bir vəsait təşkil edirdi. Cənab Prezidentin bu işə müdaxiləsindən sonra elmi dərəcələrə görə verilən əlavələr 10 dəfə artırıldı. Amma ölkəmizin gəlib çatdığı səviyyə, artan gəlirləri 2007-ci ilin üstün səviyyədə olan büdcəsi imkan verir ki, elmi dərəcələrə görə əlavələr bir qədər də artırılsın. Bu da təhsilin və elmin inkişafına əhəmiyyətli təkan verə bilər.
Məndən əvvəl danışan deputat həmkarlarımla mən Akademiyaya, elmə ayrılacaq xərclərin artırılması məsələsində tam şərikəm. Bizim ümummilli liderimiz Heydər Əliyev həmişə deyirdi ki, Akademiya bizim milli sərvətimizdir, onu daim qoruyub saxlamaq, inkişaf etdirmək lazımdır. Bu məntiqlə elmə ayrılan xərclərin 2007-ci il büdcəsində artırılması məsələsinə yenidən baxılmasını mən faydalı və əhəmiyyətli hesab edirəm. Elm və təhsil bir-birini tamamlayan sahələrdir. Elmin inkişafı təhsildən, təhsilin inkişafı elmdən asılıdır. O harmoniyanı qoruyub saxlamaq naminə elmə ayrılan xərclərin artırılmasına yenidən baxılmasını məqsədəuyğun hesab edirəm.
Naxçıvan Muxtar Respublikasının 2007-ci il üçün nəzərdə tutulan büdcəsi illərdən bəri süni şəkildə blokada vəziyyətinə salınmış, ağır blokada şəraitində yaşamağa məcbur edilmiş bu regionun daha da möhkəmləndirilməsinə və inkişaf etdirilməsinə şərait yarada biləcəkdir. Hazırda Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda Arpa çayının üzərində Dizə və Oğlanqala kəndlərini birləşdirən bir körpü salınmaqdadır. Əvvəlcədən nəzərdə tutulmamış bu məsələ ən azı 60 yaşı olan körpüdə baş vermiş qəza nəticəsində ortaya çıxmışdır. Bu körpünün tikintisi ilə əlaqədar olaraq əlavə sahilbərkitmə işlərinə və suvarma sistemlərinin qaydaya salınmasına da ehtiyac vardır. Bütün bunları nəzərə alaraq bu məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikası büdcəsinə müəyyən vəsaitin əlavə olunmasını da vacib sayıram. Burada belə bir fikir də səsləndi ki, Arpaçay su anbarının təmirinə və yenidən qurulmasına vəsait ayrılması nəzərdə tutulur. Mən bu məsələlərin eyniləşdirilməməsi üçün qeyd edim ki, tikilməkdə olan körpü Arpaçay su anbarından 10 kilometr uzaqda yerləşir. Bunlar eyni məsələ deyil.
Bütövlükdə Azərbaycan reallıqlarını əks etdirən 2007-ci il dövlət büdcəsinin layihəsini qiymətli və əhəmiyyətli bir sənəd kimi yüksək dəyərləndirirəm. Hesab edirəm ki, 2007-ci ilin dövlət büdcəsi ölkəmizdə sosial rifahın daha da yaxşılaşdırılmasına və böyük investisiya layihələrinin həyata keçirilməsinə tam təminat verəcəkdir. Mən dövlət büdcəsi layihəsinə böyük məmnuniyyətlə səs verəcəyəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Yaqub Mahmudov.
Y. Mahmudov. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Hörmətli millət vəkilləri, hörmətli qonaqlarımız! Hər şeydən əvvəl dövlət büdcəsinin hazırlanmasında zəhməti olanların hamısına ən dərin minnətdarlığımı bildirmək istəyirəm. Artıq neçə illərdir, Azərbaycanda büdcə mədəniyyəti formalaşır, Azərbaycanın iqtisadiyyatı elmi şəkildə tənzimlənir.
Büdcə paketində çox qiymətli sənədlər və minlərlə rəqəmlər var. Bu rəqəmlərin qısa açılışı bundan ibarətdir ki, Azərbaycan ulu öndər Heydər Əliyevin qoyduğu yol ilə gedir. Bu bizim çox böyük uğurumuzdur. Azərbaycan Prezidenti İlham Əliyevin düşünülmüş, dərindən ölçülüb-biçilmiş daxili və xarici siyasəti Azərbaycanı irəliyə doğru aparır. Azərbaycan mürəkkəb, qloballaşan dünyada öz yerini tutur, beynəlxalq aləmdə və daxildə mövqelərini getdikcə möhkəmləndirir.
Bu büdcənin ən gərəkli cəhətlərindən biri onun sosial yönümlü olması və Azərbaycan xalqının güzəranının yaxşılaşmasına xidmət etməsidir. Büdcə həm də investisiya yönümlüdür, yəni burada Azərbaycanın inkişafı nəzərdə tutulur. Biz sabahımızdan arxayın ola bilərik ki, Azərbaycan daha da sürətlə inkişaf edəcək. Büdcədə qeyri-neft sektoruna vəsaitlərin ayrılması və Azərbaycanın gələcəkdə neftdən asılı olmaması üçün çox möhkəm təməlin qoyulması məni çox məmnun eləyir. Mən bunu müsbət hal hesab edirəm. Büdcədə müdafiə qabiliyyətimizin gücləndirilməsi nəzərə alınıb. Buna görə də mən minnətdarlığımı bildirmək istəyirəm.
Amma məni ən çox razı salan cəhət bundan ibarətdir ki, bu büdcə və ümumiyyətlə, ölkədəki inkişaf strategiyası Azərbaycan iqtisadiyyatında ağırlıq mərkəzini tədriclə Bakıdan respublikanın bölgələrinə ötürür. Bu, Azərbaycanın inkişafı üçün çox önəmli cəhətdir və mən bu siyasəti alqışlayıram. Arzu edirəm, bu siyasət möhkəmlənsin və bölgələrimizin inkişaf səviyyəsi Bakının səviyyəsinə yaxınlaşsın.
Bu baxımdan mən istərdim ki, biz görülən işlərə qiymət verərkən konkret sahələrə də münasibətlərimizi bildirək. Mən nəqliyyat sektorunda görülən işləri alqışlayır və bu işlərə görə dərin vətəndaşlıq minnətdarlığımı bildirirəm. Mənə belə gəlir ki, Xınalıq kimi ucqar bir kəndə, çətin keçilən dağ zirvəsinə yol çəkilməsi, yüksəkliklərimizin fəth olunması Azərbaycanın bu cür guşələrinin bizim hər birimizin vətəninə çevrilməsi deməkdir. Lerikə, Yardımlıya yolların çəkilməsi çox böyük strateji işdir. Arzu eləyirəm ki, bu istiqamətdə aparılan işlər daha da genişləndirilsin.
Mən Şəkinin illərlə suya həsrət qalan Kiçik Dəhnə və başqa kəndlərində artezian quyuları qazımış “Azərsu” Səhmdar Cəmiyyətinə öz adımdan və seçicilərimin adından dərin minnətdarlığımı bildirmək istəyirəm. Mən Azərbaycanın hər yerində gecə-gündüz çalışıb bizi dağıdıcı sellərdən qorumaq üçün dağ çaylarında sahilbərkitmə işləri aparan Meliorasiya və Su Təsərrüfatı Səhmdar Cəmiyyətinə dərin minnətdarlığımı bildirmək istəyirəm.
Bu il də büdcəyə daxilolmalarda Vergilər Nazirliyinin çox böyük xidməti var. Orada görülən işləri biz alqışlamalıyıq. Çünki bizim Azərbaycanda camaatdan vergi qoparmaq milli qəhrəman olmağa bərabər bir işdir.
 Uzun illər idi ki, dağıdıcı Şin çayının körpüsünün olmaması 50-yə yaxın kəndimizlə Şəki şəhərinin əlaqələrini kəsmişdi. İndi orada 144-145 metr uzunluğunda çox nəhəng bir körpü salınıb. Buna görə mən ilk növbədə Azərbaycan Prezidentinə Şəki camaatının minnətdarlığını bildirmək istəyirəm. Şəkidə istehsalat müəssisələri açılıb. Məktəblərimizin təmiri üçün Heydər Əliyev Fonduna və şəxsən Mehriban xanıma minnətdarlığımı bildirmək istəyirəm.
Ümumiyyətlə, şimal-qərbi Azərbaycan uzun müddət, demək olar ki, diqqətdən kənarda qalmışdı. İndi Azərbaycan Prezidenti bu bölgəyə tez-tez səfərlər eləyir. Balakən, Zaqatala və Qax rayonlarında güclü inkişaf gedir. Bu bölgənin camaatının dövlətə daha artıq bağlandığını, daha artıq məhəbbətlə münasibət bəslədiyini Prezidentə, Milli Məclisə yetirmək istəyirəm.
Bir məsələyə də mən toxunmaq istəyirəm. Məndən qabaq İsa müəllim və dünən Asəf müəllim bu barədə fikirlərini bildiriblər. Mən bu mükəmməl büdcəyə hamını səs verməyə çağırıram. Amma bu mükəmməl büdcədə bizə son dərəcədə utanc gətirən bir yer var. Onu hökmən düzəltmək lazımdır. Büdcəni oxuyanda görürsən ki, hər yerdə ötən ilə nisbətən 47, 47,2, 47,5, 53, 69 faiz artım nəzərdə tutulub. Amma elm, bir də təhsil işçilərinin əmək haqqı qrafasında göstərilən rəqəmlərə baxanda insan utanır. Məsələn, Akademiya, elm qrafasına baxın: 8,1 faiz. Bu nə deməkdir? Bununla hara gedib çıxacağıq? Mən xahiş edirəm, bu qrafalarda dəyişikliklər aparılsın və nəzərə alınsın ki, Prezident son çıxışlarının hamısında elmi, alimləri, müəllimləri ölkənin elitası adlandırır. Akademiya ilə əlaqədar çıxışlar eləyib. İnsan kapitalını ön plana çəkib. Görünür, yetirə bilməyiblər, bu hissədə redaktə işləri, təshihlər aparmayıblar. Yeri gəlmişkən, bu büdcə sənədlərinin özündə də 2007-2010-cu illərdə Azərbaycanda elmin inkişafı prioritet sahə kimi göstərilir. Bəs büdcə xərclərində bu nə üçün görünmür?
Mən bunu diqqətinizə bir də çatdırmaq istəyirəm ki, Ermənistanla Azərbaycan arasında hərbi əməliyyatlar dayandırılsa da, informasiya müharibəsi davam edir. Tarix İnstitutunda bizə verilən vəsaitlə ildə ancaq bircə dənə kitab buraxa bilirik. O da 400-500 nüsxə ilə. Bununla informasiya müharibəsində qalib gəlmək mümkündür? Tarix İnstitutundan cəmi bir nəfəri ezamiyyətə göndərə bilirəm. Bununla biz nə tədqiqat işləri apara bilərik? Yəni tarixə münasibət dəyişməlidir. Akademiyanın unikal binasını indi tikmək mümkündür? Ona görə də təklif edirəm, bu binanın təmiri üçün vəsait ayrılsın. Onu təcili təmir eləmək lazımdır. Hələ Sovet hakimiyyəti illərində ermənilər Matenodaran adlı nümunəvi bir əlyazmalar fondu düzəltdilər və bizim də çox əlyazmalarımızı oraya apardılar. Amma görün bizim Əlyazmalar Fondu nə vəziyyətdədir? Bircə misal gətirmək istəyirəm. Mehriban xanım Əliyeva təbabətə aid iki dənə əlyazmanı YUNESKO-nun diqqətinə yetirdi və Azərbaycanda Beynəlxalq forum keçirildi. Halbuki bizim Əlyazmalar Fondunda yüzlərlə əlyazması var. Özü də saxlanılması mümkün olmayan ağır şəraitdə. Ona görə də Əlyazmalar İnstitutu təcili təmir olunmalıdır.
Mən bölgə ilə əlaqədar bəzi məsələləri diqqətinizə çatdırmaq istəyirəm. Bayaq dediyim körpünün istismara verilməsi 50-yə qədər kəndi Şəkiyə bağlamaqla turizmin inkişafına səbəb olacaq. Orada bir dağ yolu var, Göynük yolu deyirlər. 14-15 kilometrdir. O yol yiyəsiz qalıb. O yol əgər təmir olunarsa, ora asfalt çəkilərsə, bu həm turizmin inkişafına təkan verər, həm də 50-yə yaxın kəndin camaatı 80 km, 150 km fırlanıb Şəkiyə gəlməz. Yəni mən xahiş edirəm, bu, diqqət mərkəzində saxlanılsın.
Şimal-qərbi Azərbaycanda 1 milyona qədər azərbaycanlı yaşayır. Amma bu bölgədə tarix boyu ali məktəb olmayıb. Şəkidə bir universitet açilması çox gərəklidir. Çünki şimal sərhədindən qərbdə elə işlər gedir ki, mən bu gün bunu açıqlamaq istəmirəm. Şəki Balakən, Zaqatala, Qax, Oğuz və Qəbələnin ali təhsil və elm mərkəzinə çevrilməlidir. Bu işə diqqət yetirilməli, orada ali məktəb açılmalıdır.
Mən dağ çayları ilə əlaqədar xüsusi proqram hazırlanmasını təklif edirəm. Dağ çayları daşanda bir anın içərisində milyonlarla ziyan verir. Bunu cilovlamaq üçün vaxtında vəsait ayrılmalıdır. Meliorasiya və Su Təsərrüfatı Səhmdar Cəmiyyətinin maliyyə-təsərrüfat fəaliyyətini gücləndirmək üçün vəsait ayırmaq lazımdır. Əlbəttə, bunların hamısı bir günün işi deyil və bu baxımdan çox işlər görülməlidir.
Çıxışımın sonunda mən tarixi abidələri qeyd eləmək istəyirəm. Şimal-qərbi Azərbaycanda xarici ölkələr və qeyri-hökumət təşkilatları ancaq kilsə təmiri ilə məşğuldurlar. Təmir olunub qurtarandan sonra bir də görürsən, xaricdən xəbər çıxdı ki, sən demə, bu, erməni kapitalı ilə təmir olunub. Sən demə, bu, qonşu ölkələrdən birinə məxsus imiş. Bu işləri Azərbaycan öz üzərinə götürməlidir. Biz tarixi abidələrimizin bərpasını yadlara etibar etməməliyik. Ona görə təklif edirəm ki, bu iş Azərbaycanın əli ilə görülsün və bunun üçün vəsait ayrılsın.
Yeri gəlmişkən, bir məsələni də demək istəyirəm. Vaxtilə Şərəf Rəşidov Özbəkistanı turizm mərkəzinə çevirməkdən ötrü Buxaranı təzədən bərpa etdirib beynəlxalq turizm mərkəzlərindən birinə çevirdi. Azərbaycanda da turizm baxımından maraqlı yerlər çoxdur. Onlardan biri də Şəki şəhəridir. Şəki şəhərini qoruq elan eləmək, oranın dağıdılmasına yol verməmək və qədim binaları qoruyub saxlamaq, karvansaraların hamısını turizm məqsədləri üçün hazırlamaq lazımdır.
Güman edirəm ki, bu irad və qeydlər nəzərə alınarsa, 2007-ci ilin dövlət büdcəsi mükəmməl bir büdcədir. Mən həmkarlarımı bu büdcəyə səs verməyə çağırıram. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun, Yaqub müəllim. Məlahət Həsənova.
M. Həsənova. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli hökumət üzvləri, həmkarlarım, jurnalistlər! Parlamentə təqdim olunmuş dövlət büdcəsinin müzakirəsi oktyabrda baş vermiş əlamətdar hadisələr fonunda keçirilir. Belə ki, oktyabr ayında hörmətli Prezidentimizin prezidentlik fəaliyyətinin 3 illiyi və dövlət müstəqilliyimizin 15-ci ildönümü ilə bağlı keçirilən tədbirlər, eləcə də hökumətin 9 aylıq hesabatı, dövlət büdcəmizin bu qədər zənginləşməsi, ölkəmizin inkişafı sahəsində əldə olunan uğurlar, möhtəşəm nailiyyətlər ulu öndərimiz Heydər Əliyevin siyasi kursunu davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin alternativsiz bir siyasətçi və siyasi lider olmağını bir daha sübut edir.
Dünəndən başlamış bu müzakirələrdə respublikamızda bütün sahələrdə əldə olunan nailiyyətlər barədə çox fikirlər səsləndi. Mən vaxtın azlığından bu fikirlərlə bağlı təkrar çıxış etmək istəməzdim. Təbii ki, 1993-cü ildən bu günə qədər respublikamızda əldə olunan uğurlar barədə 10 dəqiqə ərzində danışmaq çətindir. Çünki onları deməklə bitməz. Biz ancaq müəyyən məqamlara toxuna bilərik. Lakin mən əldə olunan nailiyyətləri əks etdirən bir neçə rəqəmi günlərə bölməklə ifadə etmək istəyirəm. Çünki bu nailiyyətləri günlərə böləriksə, 1993-cü ildən bu günə qədər Azərbaycanın necə böyük bir inkişaf yolu keçdiyinin bir daha şahidi olarıq.
Son aylarda bütün mətbuat da, burada çıxış edənlər də vurğulayır ki, 3 il ərzində respublikamızda 700-ə yaxın məktəb yüksək standartlara uyğun şəkildə təmir olunub və ya yenidən tikilib. Əgər biz 3 ildə tikilən 600 məktəbi 3 ilin günlərinə bölsək, hər günə bir məktəb, daha dəqiq desək, 30 günə 25 məktəb düşür. 3 il ərzində respublikamızda açılmış 500 min iş yerini 3 ilin günlərinə bölsək, hər gün 500 iş yerinin açılmasının şahidi olarıq. Həqiqətən, biz əldə olunan nailiyyətləri günlərə böldükdə bu uğurların nə qədər möhtəşəm, nə qədər əzəmətli olduğunu daha bariz şəkildə görürük.
Təbii ki, dövlət büdcəmiz gündən-günə nə qədər inkişaf etsə də, son illərdə dəfələrlə zənginləşsə və təkmilləşsə də, yenə hər birimizin büdcə barədə deməyə sözü var. Biz hər birimiz istərdik ki, Azərbaycanın dövlət büdcəsindən daha da səmərəli istifadə olunsun, o, daha vacib, prioritet istiqamətləri özündə əks etdirsin. Burada mənim həmkarlarım dünəndən çox faydalı təkliflər irəli sürür, müəyyən problemlərə toxunur, bəzi iradlarını söyləyirlər. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev 9 aylıq hesabatda, eləcə də oktyabrın 1-də parlamentin payız sessiyasının ilk iclasındakı proqram xarakterli çıxışında Azərbaycanda qeyri-neft sektorunun inkişafı, enerji istehsalı, təbii resursların insan kapitalına keçməsi, sahibkarlığın, kənd təsərrüfatının inkişafının əsas istiqamətlərindən başlamış, ta bazarlarda inhisarçılığa qədər, rayonlarda icra strukturlarının abadlıq işlərində istifadə etdiyi zövqsüz rənglərə qədər ən müxtəlif məsələlərə toxundu. Ona görə düşünürəm ki, biz nə qədər təkliflər, problemlər söyləsək də, bunlar möhtərəm Prezidentimizin söylədiklərinin bir faizi də etməz.
Çox təəssüf ki, burada bizim opponentlərimizin bəziləri hətta Ziyafət müəllimin çıxışlarına bir fövqəladə siyasi don geyindirərək sitatlar da çəkmək istədi. Amma düşünürəm ki, bu gün belə sensasiya xarakterli çıxış etməyə lüzum yoxdur. Prezidentimizin sözləri ilə desək, sadəcə olaraq, bizim hər birimiz 2007-2008-ci illərdə ölkəmizin daha çox imkanlara malik olmasından istifadə edərək problemlərimizin həlli üçün bütün qüvvəmizi səfərbər etməli və büdcənin formalaşmasında, onun düzgün istiqamətləndirilməsində yaxından iştirak edərək konstruktiv təkliflər verməliyik.
Mən dünənki bəzi çıxışlardan məyus olmağımı, bəzi çıxışlara hətta heyrət etməyimi mütləq həmkarlarıma, eləcə də hökumət üzvlərinə, jurnalistlərə, mətbuata çatdırmaq istərdim. Təbii ki, biz üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisi üzvlərinin cəmiyyətdə rolunun və nüfuzunun getdikcə artmasını, ölkəmizin xarici siyasətində, beynəlxalq əlaqələrinin inkişafında onların daha fəal rol oynaması üçün imkanların genişləndirilməsini hər birimiz arzulayır, zəruri hesab edirik. Fikrimizcə, bu gün parlamentlərarası dostluq qruplarının daha da gücləndirilməsi, eləcə də informasiya sahəsində üstünlüyün əldə edilməsi üçün millət vəkillərinə kifayət qədər imkan yaradılmalıdır.
Lakin bu heç də o demək deyil ki, Xınalığa çəkilən yola kölgə salasan. Bu gün Xınalığa çəkilən yolun təkcə Xınalıq üçün yox, Xınalıq ətrafında olan daha 7 kəndin əhalisi üçün əhəmiyyəti çox böyükdür. Yaxud bu gün respublikamızın müxtəlif guşələrində olimpiya idman komplekslərinin tikilməsini necə gözdən salmaq olar?! Axı, bu, ilk növbədə gənclərimizin asudə vaxtının daha səmərəli istifadə olunmasına xidmət edir. Bu gün narkomaniyanın və digər zərərli vərdişlərin artdığı bir zamanda bölgələrdə gənclərimizin bu komplekslərdə daha səmərəli fəaliyyətə cəlb olunduğunu deməkdənsə, biz “nə üçün respublikamızda bu qədər olimpiya kompleksləri tikilir?” kimi suallar veririk ki, bu da məni çox məyus edir.
Opponentlərimiz Avropanın bir çox inkişaf etmiş ölkələrini, məsələn, Avstriyanı Azərbaycanla müqayisə edir, deyirlər ki, əhalisi bizdəki qədər, yəni 8 milyon olan bu ölkədə nə neft, nə də qaz var, amma turizmdən dövlət büdcəsinə gələn gəlir Azərbaycandakından dəfələrlə çoxdur. Biz turizmi inkişaf etdirmək istəyirik. Bayaq burada hörmətli alim Yaqub Mahmudov da Azərbaycanın şimal-qərb bölgəsində turizmin inkişaf etdirilməsi ilə bağlı çox gözəl təkliflər verdi. Amma bunu hamımız istədiyimiz halda biz nə üçün Azərbaycanda hava limanlarının tikilməsi ilə bağlı iradlarımızı bildiririk? Və yaxud beynəlxalq yarışlarda, dünya Olimpiya oyunlarında Azərbaycan bayrağının qaldırılması bizim hər birimizdə böyük qürur hissi oyadırsa, biz nə üçün idmançılarımızın beynəlxalq yarışlarda, olimpiadalarda iştirakına çox pul ayrıldığına irad tuturuq? Biz, əlbəttə, parlament üzvlərinin xarici səfərlərdə olması üçün kifayət qədər şərait yaratmalıyıq. Amma bu o demək deyil ki, mötəbər beynəlxalq turnirlərdə, dünya Olimpiya oyunlarında, eləcə də qarşıdan gələn Pekin Olimpiadasında idmançılarımızın iştirakı üçün hər cür şərait yaratmamalıyıq.
Mən, əlbəttə, bu gün Azərbaycan tarixində ən şərəfli qəhrəmanlıq nümunəsi olan Cavad xanın fəaliyyəti ilə bağlı filmin çəkilməsinə tam tərəfdaram. Mən xüsusi ilə Fransa Parlamentində qondarma erməni soyqırımı ilə bağlı qəbul edilən sənədlərlə əlaqədar olaraq arzu eləyərdim ki, 2007-ci il büdcəmizdə Azərbaycan xalqının, həqiqətən, Ermənistandan deportasiya olunması ilə bağlı bir filmin çəkilməsi üçün vəsait nəzərdə tutulsun. Axı, bu deportasiya təkcə Azərbaycan xalqına qarşı aparılmayıbdır. Bu gün artıq Almaniya, İsrail və digər ölkə alimlərinin də tədqiqatları təsdiq edir ki, Azərbaycanda təkcə azərbaycanlılar deyil, almanlar, yəhudilər və digər azsaylı xalqlar da deportasiya və genosidə məruz qalıblar. Mənə elə gəlir ki, belə bir filmin çəkilməsi ilə bağlı dövlət büdcəsində hansısa bir ayırma olsa, həmin ölkələrdən olan həmkarlarımız da...
Sədrlik edən. Məlahət xanım, çox sağ olun. Vaxtınız bitdi. Saat 4-ə qədər fasilə.

(FASİLƏDƏN  SONRA)

Sədrlik edən. Hörmətli deputatlar, xahiş edirəm, yerlərinizi tutun. İclasımız davam edir. Astan Şahverdiyev.
A. Şahverdiyev. Hörmətli sədarət, hörmətli millət vəkilləri və hökumət üzvləri! Bu gün baxılan məsələ Azərbaycan cəmiyyəti üçün ən mühüm qanunlardan biri olan Büdcə haqqında qanundur. Məlumdur ki, ölkə iqtisadiyyatının daim yüksək sürətlə artması bütün Azərbaycan cəmiyyətini sevindirir. Regionların sosial-iqtisadi inkişafı, təhsilin səviyyəsinin artması, maddi-texniki bazasının möhkəmləndirilməsi, bank və maliyyə sisteminin təkmilləşdirilməsi, sosial müdafiənin gücləndirilməsi, qaçqın və məcburi köçkünlərin sosial müdafiə və sosial təminat xərclərinin çoxalması, Neft Fondunun hesabına yeni qurulan qəsəbələr, onların infrastrukturlarının yaradılması və Azərbaycanın daha işıqlı gələcəyi naminə həyata keçirilən sair işlər bünövrəsi ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün möhtərəm Prezident İlham Əliyev tərəfindən aparılan daxili və xarici siyasətin təcəssümüdür.
Təqdim olunmuş büdcə layihəsi cəmiyyətin, demək olar ki, bütün sahələrini əhatə edir. Artım göz qabağındadır. Məcburi köçkün və qaçqınların problemlərinin həlli yolunda möhtərəm Prezident İlham Əliyevin apardığı titanik işləri görməmək mümkün deyildir. Mən bu yaxınlarda Biləsuvar ərazisində abad qəsəbələrdə məskunlaşan Cəbrayıl köçkünləri ilə görüşdə idim. Onlar üçün yaradılan şəraitə görə Prezidentə minnətdarlıqlarını bildirir və ümid edirlər ki, Prezident tezliklə onların doğma torpaqlarına qaytarılması yolunda da öz qüvvəsini, enerjisini əsirgəməyəcəkdir.
Baxılan qanun layihəsi bütün sahələri və Azərbaycan iqtisadiyyatının dinamik yüksəlişini əhatə etdiyindən ümid edirik ki, bu yüksəliş gələcəkdə də davam etdiriləcəkdir. Lakin aydındır ki, mütləq heç nə olmadığı kimi, bu büdcə də ideal büdcə kimi qəbul oluna bilməz. Yəni burada da müəyyən fikirlər vardır. Məcburi köçkünlərin yemək xərclərinin artırılması bu gün məqbul sayılır və gələcəkdə, yəqin, bu tendensiya davam edəcəkdir. Bununla bərabər, həm məcburi köçkün rayonunu təmsil elədiyim, həm də ali məktəbdə çalışdığım üçün bəzi fikirlərimi, xüsusi ilə də təhsil və elm sahəsində müəyyən narahatçılıqlarımı sizinlə bölüşdürmək istəyirəm.
Büdcədən göründüyü kimi, təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi builki büdcədə, əsasən, orta məktəblər üçün nəzərdə tutulub. Amma nədənsə, ali məktəblər bu baxımdan bir az kənarda qalıb. Halbuki ali məktəblərin maddi-texniki bazasının gücləndirilməsi bu gün gündəlikdə dayanan vacib məsələlərdən biridir. Mən Texniki Universitetdə çalışıram. Bizim universitetdə avadanlıqların əksəriyyəti həm fiziki, həm də mənəvi cəhətdən köhnəlib. Biz ölkəmizin sənayesi üçün mühəndis kadrları hazırlayırıq. Yaxşı olar ki, həmin kadrlar müasir avadanlıqlarla işləyən laboratoriyalarla təmin olunsunlar. Nədənsə, bu məsələ diqqətdən kənarda qalıb.
Təhsil sahəsində aparılan islahatlar, təhsilin səviyyəsinin yüksəldilməsi və sair işlər, əlbəttə, təqdirəlayiqdir. Lakin biz hörmətli nazirimiz Misir Mərdanovdan və eyni zamanda, maliyyə naziri Samir Şərifovdan xahiş eləməliyik ki, əgər mümkündürsə, ali məktəblərə, xüsusi ilə texniki ali məktəblərə bu işdə köməklik göstərsinlər. Ali məktəblər təkcə təhsillə yox, eyni zamanda, elmlə məşğul olurlar. Azərbaycanda elmi işlərin təxminən 70 faizi ali məktəblərdə çalışan insanlar tərəfindən aparılır. Ona görə də bu sahənin büdcədən maliyyələşdirilməsindən əlavə, ölkədaxili qrantlar da yaradılmalıdır. Həmin qrantlar prioritet sahələrə verilməlidir ki, görülən işlər daha səmərəli olsun. Komissiyaların birgə iclaslarında elmə ayrılan xərclərin çox cüzi olduğu Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov tərəfindən də qabardıldı. Həqiqətən də, bu sahəyə ayrılan büdcə xərclərinin 0,66 faiz olması çox azdır. Dünyanın aparıcı dövlətlərində bu göstərici 5 faizdən yuxarı olur. Əgər mümkündürsə, bu da nəzərə alınmalıdır. Çünki bəzən suallar verilir ki, Azərbaycanda fundamental elmin inkişafına ehtiyac varmı? Mən Akademiya sistemində aparılan elmi işlərə yaxından bələd olan bir insan kimi deyə bilərəm ki, Akademiyanın elmi tədqiqat institutlarında, həqiqətən də, bütün dünyada prioritet olan sahələrdə işlər görülür. Milli Akademiyanın Fizika İnstitutunda dünya elminin ən müasir sahələrindən biri olan sinergetika ilə məşğul olan bir qrup var. Hətta dünyanın aparıcı ölkələrində elmin bu sahəsi ilə məşğul olan insanlar çox azdır. Ona görə də, heç olmasa, belə prioritet sahələr üzrə aparılan elmi işlər Azərbaycan büdcəsinin imkanları daxilində maliyyələşdirilməlidir.
Burada dedilər, müdafiə xərcləri, ola bilsin, çoxdur. Lakin burada qeyd edildiyi kimi, müdafiə xərclərinin bu gün təxminən bir milyard dollara yaxın olması Azərbaycan iqtisadiyyatının gücünü və dövlətin qüdrətini göstərir, eyni zamanda, ermənilər üçün müəyyən problemlər yaradır ki, bu da Qarabağ probleminin sülh yolu ilə həll olunmasına gətirib çıxara bilər. Yəni Azərbaycan dövlətinin hərbi qüdrəti ermənilərin daha konstruktiv mövqe tutmasına gətirib çıxara bilər. Mən də o fikrin tərəfdarıyam ki, işğal edilmiş torpaqlarımız azad olunana qədər büdcədən müdafiə sənayesinə, hərbi məqsədlərə ayrılan maliyyə vəsaiti ildən-ilə artırılmalıdır. Fikir versəniz, büdcədə “müdafiə xərcləri” yazılıb. Yəni bu, hərbi xərclər adlandırılmayıb. Əlbəttə, təyinatına görə bu daha düzgündür. Yəni Azərbaycan büdcədən ayrılan vəsaiti yalnız müdafiə məqsədləri, bir də torpağını işğaldan azad etmək üçün xərcləyir.
2007-ci ilin dövlət büdcəsi mükəmməl şəkildə hazırlanmış büdcədir. Burada müəyyən çatışmazlıqlar olsa da, onların, yəqin ki, bir qismi bu büdcədə, bir qismi də gələn ilin büdcəsində nəzərə alına bilər. Ona görə mən Büdcə haqqında qanunu tam dəstəkləyirəm və ona səs verəcəyəm. Eyni zamanda, həmkarlarımı da bu büdcə layihəsinə səs verməyə çağırıram. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Vahid Əhmədov.
V. Əhmədov. Sağ olun, Ziyafət müəllim. Hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! 2007-ci il dövlət büdcəsi yüksək səviyyədə tərtib və təqdim edilib. Mən bu büdcəni faktiki olaraq strateji inkişaf büdcəsi kimi qiymətləndirirəm. Büdcənin gəlir və xərclərinin ümumi daxili məhsula nisbətən 24-25 faiz artması, təhsilə təxminən 47 faiz, səhiyyəyə 80 faiz ayrılması, investisiya xərclərinin 48 faiz çoxalaraq büdcənin 35 faizini təşkil etməsi, büdcə məbləğinin 2007-ci ildəki 7 milyarddan 2010-cu ildə 14 milyarda çatdırılması haqqında proqnozların verilməsi müsbət haldır. Xüsusi ilə də Azərbaycanın yol təsərrüfatındakı vəziyyəti nəzərə alınaraq Avtomobil Yolları Məqsədli Büdcə Fondunun yaradılmasını və Xınalığa 90 milyon yeni Azərbaycan manatının keçirilməsini Azərbaycan Prezidenti cənab İlham Əliyevin regionların iqtisadi inkişafı proqramının tərkib hissəsi kimi qeyd etmək istəyirəm.
Bununla bərabər, 2007-ci ilin büdcəsində bir sıra məsələlərə mən öz münasibətimi bildirmək istəyirəm. Komissiyanın iclasında biz bu məsələlərə toxunmuşuq. Amma bu məsələlərlə əlaqədar ətraflı izahat ala bilməmişik. Birincisi, burada məndən qabaq çıxış edən həmkarlarımın qaldırdıqları məsələni mən Milli Məclisin iclasında bir neçə dəfə qaldırmışam. Sədarətdən xahiş eləmişəm ki, bu məsələni icra orqanları ilə həll eləsinlər. Söhbət əmanətlərin qaytarılması ilə əlaqədar məsələdən gedir. 2006-cı ilin büdcəsində bu məqsədlə 50 milyon yeni Azərbaycan manatı nəzərdə tutulduğuna baxmayaraq, nəyə görəsə mart ayından Prezident Aparatına verilmiş qanun layihəsi Milli Məclisə təqdim olunmur. Bu nə ilə əlaqədardır? Bizə deyirlər ki, guya bunun mexanizmi yoxdur. Bunun mexanizmini tapmaq çox çətindirsə, biz iqtisadçılar oturub bu mexanizmi hazırlayaq. Artıq Rusiya kimi dövlətdə bunun verilməsinə iki ildir başlanıb, Qazaxıstanda faktiki olaraq qurtarmaq üzrədir. Digər MDB dövlətlərində də bu proses həyata keçirilir. Amma Azərbaycanda nəyə görəsə bu proses ləng gedir və artıq iqtisadi məsələdən siyasi məsələyə çevrilir. Hər bir millət vəkili harada olursa, seçicilər tərəfindən bu məsələ qaldırılır. Mən israrla tələb edirəm ki, 2007-ci ilin büdcəsində bu məsələ nəzərə alınsın və ilin axırına qədər bu qanun layihəsi Milli Məclisə təqdim olunsun. Bunun mexanizminə gəlincə, bunun mexanizmi çox rahatdır, mexanizm hazırlamaq böyük problem deyil. Burada əsas çətinliyi qaçqın və köçkünlərlə əlaqələndirirlər. Bunlar da haradasa 8-9 faiz təşkil edir. Ona görə də artıq dərəcədə xahiş edirəm ki, Maliyyə Nazirliyi ilə Prezident Aparatı bu məsələni həll eləyib 2007-ci ilin büdcəsinə daxil etsinlər. Bunu qiymətli kağızlar formasında da, pensiyaya daxil etməklə də verə bilərlər. Bunun müxtəlif formaları var.
Burada həmkarlarım elmlə əlaqədar məsələ qaldırdılar. Bu məsələni biz İqtisadi siyasət daimi komissiyasında qaldırmışıq. Amma çox paradoks bir vəziyyət yaranıb. Yəni Elmlər Akademiyası deyir ki, bizə az vəsait ayrılıb. Həqiqətən də, 0,66 faiz, 1,6 faiz çox az məbləğdir. 8 faiz artım azdır. Amma aldığımız məlumata görə, Milli Elmlər Akademiyasının fundamental elmin inkişafı və elmin istehsalata tətbiqi ilə əlaqədar heç bir layihəsi yoxdur. Bu nə qədər həqiqətə uyğundur, nə qədər düzdür, bunu biz araşdıra bilməmişik. Elmin inkişafına biz bu cür diqqət yetirəcəyiksə, Azərbaycan elmində olan bugünkü çatışmazlıqlar bir daha üzə çıxacaqdır.
Burada qiymət siyasəti ilə əlaqədar çox ciddi məsələyə toxunuldu. Mən bilmirəm, Azərbaycan dövlətində qiymət siyasəti var, ya yoxdur və bu siyasəti kim aparır. Düzdür, Azərbaycan Prezidentinin tapşırığına əsasən Tarif Şurası yaradılıb, iqtisadi inkişaf naziri Heydər Babayevin rəhbərliyi altında Tarif Şurasında qiymətlərə baxılır. Mən müsbət hal kimi onu qeyd eləmək istəyirəm ki, tənzimlənən qiymətlər müəyyən vaxtlar ərzində tənzimlənir. Bu yaxşıdır. Amma tənzimlənməyən qiymətlərə kim cavabdeh olmalıdır? Azərbaycanda bu dəqiqə qiymətlərin artımı, inflyasiyanın artımı çox yüksək səviyyədədir. Kim zəmanət verə bilər ki, ilin axırına qədər Azərbaycanda inflyasiya 15-16 faiz olmayacaq? Bu gün bizi israrla inandırmağa çalışırlar ki, Azərbaycanda inflyasiya birrəqəmlidir, haradasa 7-8 faizə yaxındır. Özünüz təsəvvür edin, iqtisadçılar yaxşı bilirlər. Manatın məzənnəsinin bu hala düşməsi, Azərbaycanda qiymətlərin yüksək səviyyədə qalxması necə ola bilər ki, inflyasiyanı 7-8 faiz həcmində saxlasın? Bu, ümumiyyətlə, mümkün olan şey deyil. Qiymət məsələsi çox ciddi məsələdir və bu məsələni yalnız bazarda həll eləmək olmaz. Qiymət Azərbaycan dövlətinin sərhədindən başlayır. Sərhəddən, gömrükdən başlamaqla ta alıcıya qədər bütün məsələləri həll eləmək lazımdır.
Bayaq qeyd etdilər, Azərbaycanda çox güclü inhisar var. Bu inhisar qoymur ki, Azərbaycanda qiymətlər bazar iqtisadiyyatına uyğun olaraq normal səviyyədə formalaşsın. Azərbaycan Prezidenti öz siyasi iradəsini ortaya qoydu və hökumətin iclasında inhisarla əlaqədar iradını bildirdi. Xahiş edirəm, Azərbaycan hökumətinin üzvləri düzgün başa düşsünlər. Artıq inhisarla bağlı vəziyyət o yerə çatıb ki, Azərbaycanda əhalinin vəziyyəti qiymətlərlə əlaqədar olaraq həddindən artıq ağırlaşıb. Bizim qəbul etdiyimiz pensiya təminatı haqqında qanunlar, digər qanunlar, sosial müavinətlər insanları artıq azacıq da olsa, təmin etmir. Azərbaycan hökumətinin üzvləri inhisarla əlaqədar yaranmış vəziyyət barədə çox ciddi düşünməlidirlər. Təmiz rəqabət fəaliyyət göstərməsə, Azərbaycanda qiymətlər daha da yüksək səviyyədə inkişaf edəcək və ilin axırında biz bunun şahidi olacağıq.
Əsas məsələlərdən biri də büdcədə neftin faizinin yüksək olmasıdır. Büdcənin təxminən 54 faizini neft gəlirləri təşkil edir. Qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə əlaqədar fikirlərimizi bir neçə dəfə bildirmişik. Bu gün də bu, ən aktual məsələlərdən biridir. Azərbaycanda qeyri-neft sektoru çox ciddi şəkildə inkişaf etdirilməlidir. Amma biz bunu görmürük.
Azərbaycan dövlətinin 2007-ci il büdcəsində investisiya layihələrinə 1,500 milyon manat vəsait ayrılıb. Amma onun strukturu nədən ibarətdir? O strukturda sənayeləşmə prosesi nəzərə alınıbmı? Halbuki Azərbaycan dövlətinin başçısı bu məsələni çox ciddi qoyub, yəni sənayeləşmə Azərbaycanda getməlidir. Görək o prosesi hökumət aparırmı? Mən onu görmürəm. Faktiki olaraq köhnə sənaye obyektlərinin əksəriyyəti dağılıb, əksəriyyəti satılıb, yerlərində hündür binalar tikilib. Hamı da cənab Prezidenti israrla inandırmaq istəyir ki, bu müəssisələr işləyə bilməz. Mən bununla qətiyyən razı deyiləm. Uzun müddət sənaye sahəsində çalışan bir adam kimi deyirəm, Azərbaycanda elə sənaye sahələri var ki, onların mallarına həm Azərbaycanda, həm MDB dövlətlərində, həm də xaricdə bu gün də tələbat var. O sənaye sahələrini inkişaf etdirmək lazımdır. Nə vaxt təzə sənaye sahələri tikilər, istifadəyə verilər, onda bu sənaye sahələri ləğv oluna bilər.
Bayaq qeyd olundu, 240 min müvəqqəti iş yeri açılıb. Haradasa 1-2 ildən sonra bu müvəqqəti iş yerləri ləğv olunacaq. Onda o insanlar harada gedib işləməlidirlər?
2010-cu ildə faktiki olaraq neft istehsalını haradasa 61 milyon tona çatdırmaq istəyirlər. Məgər bu gün buna ehtiyac varmı?
Xınalıq kəndinə çəkilən yolla əlaqədar müxtəlif fikirlər səsləndirilir. Əvvəla, məncə, hər bir Azərbaycan vətəndaşı sevinməlidir ki, elə bir ucqar kəndə asfalt yol çəkilib. İkincisi, o kəndə çatmaq üçün 16 kənd keçib getmək lazımdır, yəni 16 kəndin camaatı o yolla təmin olunub. Üçüncüsü, bilmək istəyirsinizsə, o kənd çox strateji əhəmiyyəti olan bir kənddir, Rusiya ilə həmsərhəddir və orada sərhəd qoşunlarının hərbi hissəsi yerləşdirilib, ona görə də o çox vacibdir. Suallarımız çoxdur, amma biz Milli Məclisin Sədrinə onu...
Sədrlik edən. Sağ olun. Tahir Rzayev.
T. Rzayev. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Hörmətli millət vəkilləri, hökumət üzvləri! Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsi haqqında qanun layihəsində əks olunan göstəricilər ölkənin sosial-iqtisadi inkişafının ifadəsi olmaqla bərabər, ilk növbədə ümummilli liderimiz Heydər Əliyev siyasi kursunun qalib, yaradıcı siyasi xətt, düzgün düşünülmüş yol olduğuna sübutdur. Bu kursun aliliyi, reallığı, dünyəviliyi cənab İlham Əliyevin fəaliyyətində bir daha özünü göstərir və Azərbaycanın tərəqqisinə, ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılmasına xidmət edir.
Büdcə layihəsində əksini tapan rəqəmlər, gələcək inkişafımız üçün tərtib edilən proqramlar, istiqamətlər, proqnoz göstəriciləri əhəmiyyətlidir və bu sənədin dəyərini artırır. 2006-cı ildə regionların sosial-iqtisadi inkişafı, yeni iş yerlərinin açılması, əhalinin həyat şəraitinin yüksəldilməsi, beynəlxalq əlaqələrin möhkəmləndirilməsi sahəsində qazanılan müvəffəqiyyətlər fərəh doğurur. 2007-ci il büdcəsində sosial yönümlü xərclərin xüsusi çəkisinin 2006-cı ilə nisbətən müqayisədə 47 faiz, təhsil, səhiyyə, mədəniyyət sahələrinə ayrılan xərclərin əvvəlki illərdən xeyli çox olması, müdafiə xərclərinin xeyli artırılması təqdirəlayiq haldır. Digər mühüm sahələrin inkişafı üçün ayrılan xərcləri də məqbul hesab edirəm və mən də layihə ilə əlaqədar müəyyən fikirlərimi söyləməyi özümə borc bilirəm.
Azərbaycan xalqının inkişafı ölkənin təbii sərvətlərindən səmərəli istifadə edilməsindən və ətraf mühitin qorunmasından çox asılıdır. Ancaq bir çox hallarda meşə, su, torpaq ehtiyatlarının idarə olunmasına, ətraf mühitin sağlamlaşdırılmasına lazımi əhəmiyyət verilmir. Münbit torpaqlar şorlaşdığı üçün məhsuldarlığını itirir. Əhali içməli sudan korluq çəkir, Ağcabədi rayonu, rayonun bir çox kəndləri də uzun müddət içməli sudan korluq çəkənlər sırasındadır. Su hövzələrinin çirkləndirilməsi, tullantıların hara gəldi tökülməsi, atmosferə zəhərli qazların buraxılması ağır nəticələrə gətirib çıxarır. Bugünkü ekoloji vəziyyət, Xəzər dənizinin, çay və göllərimizin, yaşıllıq zonalarımızın durumu əhalini qane etmir. Məhz buna görə də ölkə Prezidenti İlham Əliyev 2006-cı il sentyabrın 28-də “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün kompleks tədbirlər planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalamışdır. Sərəncamdan irəli gələn vəzifələrin həyata keçirilməsini tək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin üzərinə atmaq səhv olardı. Onsuz da bu nazirlik son illər ekoloji vəziyyəti yaxşılaşdırmaq, ətraf mühiti saflaşdırmaq sahəsində bacardığını edir. Bundan sonra hökumətin, hər bir nazirliyin bu sahədə təşəbbüskarlığı çox vacibdir.
Azərbaycanda turizm iqtisadiyyatın ən gəlirli sahələrindən birinə çevrilə və büdcəyə xeyli gəlir gətirə bilər. Bu sahənin inkişafı üçün respublikamızda hər cür şərait vardır. Mən Turizm İnstitutunun və Mingəçevir Turizm Kompleksinin yaradılmasını yüksək qiymətləndirirəm. Bu ilin 6 ayı ərzində Azərbaycana 1 milyondan artıq turistin gəlməsi MDB çərçivəsində yaxşı nəticə sayılsa da, Azərbaycandan kiçik olan bir çox ölkələrə hər ay milyonlarla turistin səfər etməsini nəzərə alsaq, bu, qənaətləndirici sayıla bilməz. Ölkəmizin regionlarında turizm resurslarından səmərəli istifadə edilməsinə, Xəzər dənizinin çirklənməsinin qarşısının alınmasına, müştərilərə nümunəvi xidmət göstərilməsinə ehtiyac vardır. 2007-ci ilin dövlət büdcəsində regionlarda turizm fəaliyyətinin stimullaşdırılması və təkmilləşdirilməsi üçün 1,4 milyon manat vəsaitin nəzərdə tutulmasını az hesab edirəm.
Oktyabrın 27-də yağan azmüddətli yağışlar Bakıda şəhər təsərrüfatının yaxşı vəziyyətdə olmadığını sübut etdi. Təəssüflər olsun ki, cavabdeh şəxslər bu vəziyyətin günahını özlərində görmürlər, günahı başqalarının üstünə atırlar. Hətta Yasamal rayonunda kanalizasiya sisteminin işləməməsini, çirkab suların küçələri basmasını 5-3 nəfər qaçqın və köçkünün kəsdiyi qoyun-quzuların çirkabının kanalizasiya xəttinə axıdılması ilə əlaqələndirənlər də var. Belə hallar var, ancaq sual olunur. Onlarla adama qoyun-quzu, mal-qara satmaq üçün icazə verərkən vəzifə sahibləri heyvan tullantılarının hara atılması barədə niyə fikirləşmirdilər? Hər gün bu sahələrə nəzarət edən baytar həkimləri, sahə müvəkkilləri, kanalizasiya təsərrüfatının işçiləri, digər məsul şəxslər hara baxırlar? Bakının ciddi problemlərini adi insanların üstünə atmaq ədalətsizlikdir. Çünki həmin gün şəhərin bəzi ərazilərində kanalizasiya sistemləri, su ötürücüləri normal işləmirdi. Şəhərsalmada yaranan qeyri-normallıq, sürüşmə ehtimalı, tıxacların gündən-günə artması, şəhərin qeyri-qənaətbəxş ekoloji vəziyyəti, əhalinin sıxlığı gələcəkdə xoşagəlməz hallara gətirib çıxara bilər. Bu halların qarşısını almaq üçün günahı kiminsə üstünə atmaqdansa, hökumət ciddi tədbirlər görməlidir.
2007-2010-cu illər üçün ölkənin aqrar-sənaye siyasətinin istiqamətləri nikbinlik yaradır və bu sahədə müəyyən irəliləyişlərin olması təbiidir. Ancaq bu gün kəndlini, sahibkarı ciddi problem ilə üz-üzə qoymaq olmaz. Pambıqçılıq, baramaçılıq, üzümçülük respublikamızın ən gəlirli sahələri olduğu halda, bu məhsulların istehsalının azalması təəssüf doğurur. Ölkə üçün strateji əhəmiyyətli pambıq və yun məhsulunun istehsalına, tədarükünə laqeyd münasibət var. Bu il 100 min ton pambıq toplanması buna sübutdur. Ölkədə qızıla bərabər olan zəfəranın əkilib becərilməsi, zeytunun tədarük edilməsi də unudulub. Kənd təsərrüfatının inkişafına ayrılan xərclərin bir hissəsi vaxtında ünvanına çatmır. Texnikanın, yanacağın, toxumun, gübrələrin bahalaşması və bunun müqabilində kəndliyə lazımi köməkliyin göstərilməməsi onların əllərini işdən soyudur, nəticədə istehsalın azalmasına, bir çox kənd təsərrüfatı məhsullarının qiymətinin artırılmasına şərait yaranır.
Bu gün Azərbaycanda sanator-kurort şəbəkələrinin genişlənməsinə böyük ehtiyac var. Əhalinin maddi vəziyyəti yaxşılaşdıqca, insanlar mənalı istirahət etmək, dincəlmək, müalicə olunmaq istəyirlər. Ancaq mövcud vəziyyət, artan tələbat buna lazımi imkan vermir. Fəaliyyətdə olan Naftalan, Abşeron, Günəşli və digər sanatoriyaların yenidən qurulması, yeni sağlamlıq zonalarının yaradılması barədə hökumətin əsaslı tədbirlərinin həyata keçirilməsi, bu sahəyə diqqətin artırılması çox vacibdir.
Bələdiyyə maliyyəsinin zəif olması barədə burada səslənən fikirlərə mən də şərikəm. Yerli özünüidarə orqanları bu gün ölkənin sosial-iqtisadi həyatında daha yaxından iştirak etməyə başlayıblar. Bələdiyyəyə əhalinin etimadı artır və onlardan daha ciddi işlər tələb olunur. Lazımi maliyyə vəsaiti olmadığı üçün onlar o imkanlardan istifadə edə bilmirlər. Bələdiyyələrin fəaliyyətini canlandırmaq üçün dövlət proqramının hazırlanması, məncə, əhəmiyyətli olar və buna ehtiyac var.
Dünyada problemsiz ölkə yoxdur. Azərbaycan da problemlərdən xali deyil. Ən ağır dərdimiz olan Qarabağ probleminin həlli üçün də güclü iqtisadiyyata, həmrəyliyə malik olmalıyıq. Azərbaycanın ildən-ilə artan büdcəsi, ölkədə yaranmış demokratik şərait, ictimai-siyasi sabitlik, ölkə rəhbərinin atdığı qətiyyətli addımlar, sözsüz ki, bütün problemlərin inamla aradan qaldırılmasına imkan verəcəkdir. Mən büdcə layihəsini məqbul hesab edirəm, onun lehinə səs verəcəyəm. Çox sağ olun.

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir

Sədrlik edən. Çox sağ olun. Fazil Mustafayev.
F. Mustafayev. Hörmətli Sədr, hörmətli sədarət və millət vəkilləri, hörmətli hökumət nümayəndələri! Bu gün Azərbaycanın ictimai-siyasi həyatının ən aktual məsələlərindən birini müzakirə edirik. Mən düşünürəm ki, birinci növbədə müzakirənin aparılması prosedurundan başlamaq lazımdır. Burada hökumət üzvlərinin bizə yazılı sənədləri təqdim edilir, onların mövqeləri bu sənədlərdə əks olunur. Mən təklif edirəm ki, gələcəkdə büdcə layihələri müzakirə olunarkən öz təkliflərini, fikirlərini, mülahizələrini bildirmək üçün millət vəkillərinə daha geniş şərait yaradılsın. Hökumət üzvlərinə bir neçə gün, hətta bir həftə vaxt verilsin ki, onlar çıxışlarında millət vəkillərinin səsləndirdikləri fikirlərdən hansını nəzərə alıb-almayacaqları barədə artıq birdəfəlik münasibət bildirsinlər. Onda büdcə siyasətinin formalaşmasında hamımızın qarşılıqlı iştirakı təmin oluna bilər. Biz burada müəyyən fikirlər səsləndirəcəyik, müvafiq strukturların hörmətli rəhbərləri də dərhal operativ qeydlər götürüb bizə cavab verəcəklər. Amma burada səsləndirilən fikirlərin büdcədə əks olunması problemi həll olunmayacaq.
Mən, birinci növbədə, Hesablama Palatasının rəyindən başlamaq istəyirəm. Ümumiyyətlə, bu rəyin bizim tərəfdən bu formada qəbul olunması məqsədəuyğun sayıla bilməz. Diqqət edirsinizsə, 1.3-cü bənddə göstərilir ki, Hesablama Palatasının nəzarət funksiyasını həyata keçirmək üçün daha dolğun, ətraflı məlumat bazasının mövcudluğu zəruri şərtdir. Bir cəhət qeyd olunur ki, Hesablama Palatasının sorğularına vaxtında və dolğun cavab verilmir, dövlət təşkilatları nəzarət tədbirlərinin həyata keçirilməsinə imkan verməməyə çalışırlar. Bunu necə başa düşmək olar ki, bir dövlətdə parlament tərəfindən büdcə ilə bağlı müəyyən olunmuş bir orqana məlumat vermək istəmirlər? Burada biz Hesablama Palatasının hesabatını təsdiq eləyəndə, yəqin ki, onunla bağlı bu suallar meydana çıxacaq. Bu təşkilatların adları niyə yazılmır? Niyə göstərilmir ki, hansı dövlət orqanı büdcənin formalaşması ilə bağlı obyektiv, dolğun rəy verilməsini sabotaj edir, ləngidir, yaxud buna imkan vermir? Ona görə də mən bunu qeyri-prinsipial mövqe kimi qiymətləndirirəm.
Digər tərəfdən, bu rəydə göstərilən bəzi məsələlərə də münasibət bildirilməlidir. Xüsusi ilə göstərilir ki, bizdə dövlətin iqtisadiyyata müdaxiləsinin forma və mahiyyəti dəyişməkdə davam edir. Doğrudur, sənədlərdə qeyd edirik ki, özəl sektorun çəkisi artaraq 79 faiz olub və icmal büdcədə də 2010-cu ilə qədər proqnozlaşdırmada göstərilir ki, bu, 83 faizə qaldırılacaqdır. Amma özümüz üçün etiraf eləyək, Azərbaycanda sahibkarlara necə divan tutulduğunu, sahibkarlar üçün vəziyyətin nə qədər acınacaqlı olduğunu bilmirikmi? Qiymətli kağızlar bazarında investorların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası qanunu var. Hansı açıq və ya qapalı səhmdar cəmiyyəti öz gəlirlərini düzgün təqdim eləyir? Yüzlərlə sahibkarın, yüzlərlə səhmdarın hüququ bir nəfərin hüququndan aşağı tutulur və məhkəmələr də onu dəstəkləyərək, azad sahibkarlığın inkişafına əngəl törədirlər. Halbuki ölkə Prezidenti, ölkə rəsmiləri dəfələrlə bəyan edirlər ki, ölkədə azad sahibkarlığa hər cür imkan yaradılır. Ona görə bu rəydə bu məsələyə xüsusi diqqət yetirilməsi vacib sayılmalıdır.
Digər tərəfdən, tez-tez qeyd olunur ki, bu gün təqdim olunan büdcə investisiya və sosial yönümlü büdcədir. Ola bilsin, bu cür təriflər işlətmək olar. Amma mən hesab edirəm ki, bu büdcə insan yönümlü büdcə deyil. Biz başa düşdük, ali qanunverici orqanın nüfuzunu qaldırmaq üçün onun polisdən daha aşağı sayılması məqbul sayılır. Bunu qəbul elədik. Partiyalar haqqında qanuna, ümumiyyətlə, baxılmadı. Partiyaların maliyyələşmə məsələsi həll olunmadı. Sabah hansısa məmur çıxış edib deyəcək ki, partiyalar xaricdən maliyyələşir, onlara hansısa fonddan pul verilir. Gəlin sivil, mədəni münasibətlərin qurulması üçün, partiyaların hansısa məmurdan asılı olmaması üçün, hansısa xarici dövlətdən asılı olmaması üçün bu məsələnin büdcədə həll olunmasına nail olaq. Yəni bunu birlikdə həll eləməliyik ki, gələcəkdə siyasi hakimiyyətin formalaşmasında da bu cür ziddiyyətlər, qarşıdurmalar baş verməsin.
Digər tərəfdən, bütün bu məsələlər həll olunmamaqla yanaşı, insana xidmət eləyən adi, elementar sahələrə də zəruri vəsait ayrılmır. Məsələn, Ümumdünya Səhiyyə Təşkilatı göstərir ki, səhiyyə xərcləri ümumi daxili məhsulun 5 faizindən az olmamalıdır. Bizim büdcədə bu, 5 faizə yaxınlaşdırılır, amma ümumi daxili məhsulun 1,5 faizindən o tərəfə keçmir. Ona görə də təcili yardımlarda pambıq tapılmır, adi dərman tapılmır. Bu vəziyyətlə biz insana xidmət eləyən büdcə yarada bilmərik. Ona görə mən hesab edirəm ki, bu kimi məsələlər büdcədə öz yerini tapmalı idi, heç bir təyinatı göstərilməyən xərclər bölməsi ilə bizim qarşımıza belə bir büdcə çıxarılması məqsədəuyğun deyildi. Təbii ki, böyük zəhmət çəkilib, böyük işlər görülüb. Amma elə etmək lazımdır ki, hər bir şey Azərbaycan insanının mənafeyinə xidmət eləsin.
Digər məsələyə toxunmaq istəyirəm. Burada “Dövlət borcu haqqında” Qanunu müzakirə eləyəndə onun 6-cı maddəsində qeyd olunurdu ki, müvafiq il üçün Dövlət büdcəsi haqqında Azərbaycan Respublikası qanununda büdcə ili ərzində cəlb edilə bilən, eyni zamanda, əvvəlki illərdə alınmış və cari büdcə ilində qaytarılacaq daxili və xarici dövlət borcunun yuxarı hədləri müəyyənləşdirilməlidir. O zaman dövlət büdcəsindən əvvəl yaxşı olardı ki, iki mühüm qanunu – Dövlət borcu haqqında və Əmanətlərin qaytarılması haqqında qanunları qəbul edək.
Burada qeyd olundu, 2007-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı hörmətli maliyyə naziri Samir müəllim də qeyd edib ki, əmanətlərin qaytarılması üçün büdcədə vəsait ayrılmasının nəzərdə tutulmasına baxmayaraq, bunu tənzimləyəcək mexanizm yoxdur. Aydındır ki, müvafiq qanun qəbul edilmədiyi üçün bunu reallaşdırmaq mümkün deyil. Ancaq problemin başqa bir aspekti də var. Əhaliyə qaytarılmalı olan bu vəsaitin dövlət borcu kateqoriyasına daxil edilməsi ümumi dövlət borclarının həcmini kəskin şəkildə artıracaqdır. Əhalidə belə bir təsəvvür var ki, dövlət, əmanəti qaytarılmayan vətəndaşların çoxunun dünyasını dəyişməsini gözləyir. Yəni o, dünyasını dəyişəndən sonra çoxlu varislər arasında məhkəmə çəkişmələri, yüzlərlə problemlər ortaya çıxacaq. Ona görə birinci növbədə Azərbaycan vətəndaşının mənafeyinə xidmət eləyən məsələləri nəzərdə tutmaq vacib idi.
Burada bir məsələyə də toxunmaq istəyirəm, 19 oktyabrda “Azərbaycan gənclərinin xaricdə təhsil almasına dair dövlət proqramı haqqında” Prezidentin sərəncamı imzalanıb. Nəzərə almaq lazımdır ki, dövlət proqramında ancaq bundan sonra təhsil alacaq tələbələr nəzərdə tutulur. Halbuki Azərbaycanın hazırda xarici ölkələrdə təhsil alan tələbələri var. Bunların sayı mini keçmir. Biz onları təbəqələr üzrə bölüb məsələni həll etməliyik, yoxsa ümumi şəkildə tələbələrə vəsait ayrılmasının nəzərdə tutulması, məncə, doğru deyil. Burada bakalavr, magistr və doktorantura pilləsində olan tələbələrə fərqli vəsaitlərin verilməsini nəzərdə tutmalıyıq. Digər tərəfdən, dövlət büdcəsində aspirantlara, ali məktəb tələbələrinə, orta ixtisas məktəblərinin, eləcə də peşə məktəbləri və liseylərinin şagirdlərinə aylıq təqaüdün həddinin orta hesabla 16 faiz artırılması üçün də əlavə vəsait nəzərdə tutulub.
Bildiyiniz kimi, hazırda müvafiq dövlət proqramı çərçivəsində orta məktəblərin kompüterləşdirilməsi işi sürətlə həyata keçirilir. Bu müsbət hal olsa da, nəzərə almalıyıq ki, ölkədə kompüterdən mütəmadi istifadə edə bilməyən, kompüter almağa imkanı olmayan həddən artıq tələbə və müəllim var. Ona görə də kompüterləşdirmə tədbirlərinin də əhatə dairəsinin genişləndirilməsinə ehtiyac var və büdcədən vəsait ayırmaqla biz buna da nail ola bilərik.
Ümumiyyətlə, mən hesab edirəm ki, gələcəkdə bizə büdcə təqdim olunanda Hesablama Palatası həm Dövlət Neft Fondunun, həm də Sosial Müdafiə Fondunun büdcəsi barədə rəyini millət vəkillərinə təqdim eləməlidir. Özü də bu, heç olmasa, bir həftə öncə verilməlidir ki, millət vəkilləri yaxşı hazırlaşıb, öz mövqelərini bildirə bilsinlər. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun, hörmətli Fazil müəllim. Siz iclasın gedişatı məsələsinə toxundunuz. Biz dünən danışdıq ki, müzakirələr aparılacaq, müzakirələr bitəndən sonra hökumətə müəyyən bir vaxt veriləcək. O vaxt ərzində hökumət, əlaqədar nazirliklər, komitələr hörmətli millət vəkillərinin qaldırdığı məsələlər, verdiyi suallar üzərində işləyəcək, sonra bunları birdəfəlik cavablandıracaqlar. Yəni iclasın gedişi haqqında bu qədər.
Hesablama Palatası haqqında söylədiniz. Mən Sizinlə tamamilə razıyam ki, Hesablama Palatasının verdiyi rəy çox zəifdir. Ancaq Hesablama Palatası ali nəzarət orqanıdır, heç kim onun əlindən tutub saxlamır ki, büdcənin hazırlanmasında iştirak etməsin. Mən bunu Hesablama Palatasının zəifliyi hesab edirəm. Bu məsələlərə Hesablama Palatasının hesabatı dövründə baxa bilərik. İndi biz büdcəyə baxırıq.
Bu gün bu saatadək 25 millət vəkili çıxış edib. İcazə versəniz, nazirlərə də söz verərik ki, müzakirələrdə səslənən suallara cavab versinlər. Etiraz yoxdur? Samir müəllim, buyurun.
S. Şərifov, Azərbaycan Respublikasının maliyyə naziri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Hesab edirəm ki, dövlət büdcəsi və icmal büdcə layihələrinin müzakirəsi çox səmərəli və faydalı şəkildə keçir. Müzakirələr zamanı hörmətli millət vəkilləri dövlət büdcəsinin və icmal büdcənin tərtibatına dair öz fikir və təkliflərini söylədilər. Əksər çıxışlardan belə qənaətə gəlmək olar ki, prinsipcə dövlət büdcəsinin tərtibatı məqbul şəkildə həyata keçirilib, amma bununla belə, müəyyən nöqsanlar da mövcuddur.
Hörmətli millət vəkilləri tərəfindən büdcə ilə bağlı bir sıra suallar səsləndirilib, müəyyən məsələlər qaldırılıb. Bununla bağlı bəzi arayışlar vermək istərdim. Öz çıxışlarında millət vəkilləri Ağazadə, Paşayeva, Həsənquliyev Milli Məclisin maddi təminat məsələlərinə toxundular, hətta bəzi çıxışlarda hökumətin guya Milli Məclisə ögey münasibətindən danışıldı. Bu, tamamilə yanlış fikirdir. İstərdim, dediyimi konkret faktlarla əsaslandıram. İlk növbədə bildirməliyəm ki, Azərbaycan Respublikasının ali qanunvericilik orqanı olan Azərbaycan Respublikası Milli Məclisində iş şəraitinin yaxşılaşdırılması və millət vəkillərinin təminatının gücləndirilməsi həmişə ölkə rəhbərliyinin, hökumətin diqqət mərkəzində olmuşdur. Bununla əlaqədar qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikası Prezidentinin xüsusi göstərişinə əsasən ilk dəfə olaraq üçüncü çağırış millət vəkilləri üçün hər bir deputata bir köməkçi ştatının ayrılması nəzərdə tutulub. Bu məqsədlə 2007-ci ilin büdcə layihəsində 2 milyon manat məbləğində vəsait nəzərdə tutulur.
Cari ildə büdcədə əsaslı vəsait qoyuluşu xərclərinin tərkibində Azərbaycan Respublikası Milli Məclisinin inzibati binasında təmir və yenidənqurma işlərinin həyata keçirilməsi, müasir standartlara cavab verən kondisioner və havalandırma sistemlərinin quraşdırılması və Milli Məclisin informasiya texnologiyaları vasitələri ilə təchiz olunması üçün vəsait nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Milli Məclisinin saxlanılması xərcləri 2005-ci ildə 7 milyon 799 manat həcmində idisə, 2006-cı ildə artıq bu, 10 milyon 133 min manat təşkil etmiş, 2007-ci ilin büdcə layihəsində isə 14 milyon 127 min manat məbləğində nəzərdə tutulmuşdur. Yəni 2005-ci illə müqayisədə cari ildə Milli Məclisin büdcəsi 81 faiz çox, 2006-ci illə müqayisədə təxminən 40 faiz artımla nəzərdə tutulub.
Burada belə bir fikir də səsləndi ki, ezamiyyə xərclərinin məhdudluğu üzündən Milli Məclisin deputatları bəzi vacib beynəlxalq tədbirlərdə iştirak etmək imkanından məhrumdurlar. Bu da bir o qədər düzgün məlumat deyil. Yalnız onu deyə bilərəm ki, Nazirlər Kabinetinin 2006-cı il 24 aprel tarixli qərarına uyğun olaraq Milli Məclisin bütün deputatlarının xidməti ezamiyyələri zamanı kommunal xərclərin normasına 50 faizlik, yəni 1,5 həcmində əmsal tətbiq olunur, eyni zamanda, uçuş zamanı deputatların hamısı biznes klass təyyarə biletlərindən istifadə edə bilərlər. Bununla belə, hesab edirəm ki, Milli Məclisin deputatlarının iş şəraitinin yaxşılaşdırılması üzrə işlər davam etdirilməlidir. Milli Məclisin Aparatı və İşlər İdarəsi ilə bizim aramızda bununla bağlı heç bir ziddiyyət yoxdur. Bizim tərəfimizdən bu işlər davam etdiriləcəkdir.
Burada bir sıra digər məsələlərə də toxunuldu. Onlara da mən öz münasibətimi bildirmək istəyirəm. Bir sıra deputatların çıxışlarında neft gəlirlərindən düzgün istifadə edilməməsi, o cümlədən Dövlət Neft Fondundan büdcəyə transferlərin edilməsinin məqsədəuyğunluğu məsələsinə toxunuldu. Bir sıra deputatlar fikirlər səsləndirdilər ki, Dövlət Neft Fondunun vəsaitləri yalnız müdafiə xərclərinə istifadə olunmalıdır, digərləri isə bildirdilər ki, biz bu vəsaitləri yalnız təhsil və səhiyyəyə yönəltməliyik. Deputatların ziddiyyətli mövqelərdən çıxış etməsi bir daha onu göstərir ki, bu o qədər də asan bir məsələ deyil. Biz bu məsələyə yanaşmada çox ehtiyatlı, düşünülmüş mövqelərdən çıxış etməliyik.
Hökumət tərəfindən hazırda neft gəlirlərindən istifadə edilməsi siyasəti düzgün qurulub. Bu siyasətin banisi ümummilli liderimiz Heydər Əliyev olub. O zaman, yəni ilk neft gəlirləri Azərbaycana daxil olduğu vaxt Heydər Əliyev tərəfindən Dövlət Neft Fondunun yaradılması barədə qərar qəbul edilmişdir. Bununla bir tərəfdən neft gəlirlərinin ölkə iqtisadiyyatına makroiqtisadi təzyiqinin aradan qaldırılması üçün müəyyən mexanizm hazırlanmış, digər tərəfdən isə Dövlət Neft Fondunun vəsaitlərinin ümummilli əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsi mexanizmi yaradılmışdır. Azərbaycan Neft Fondunun nümunəsi hazırda Rusiyada da tətbiq olunur. Bu ildən Rusiyada milli layihələrin maliyyələşdirilməsi məhz neft gəlirləri hesabına həyata keçirilir. Mən hesab edirəm ki, dünya təcrübəsinə əsaslanan bu model Azərbaycanın iqtisadi şəraiti üçün tam məqbul bir modeldir. Aydın məsələdir ki, burada müəyyən təkmilləşməyə yer var və bunun üzərində hökumət müvafiq iş aparır.
Bir sıra suallar səhiyyə sahəsinə aid idi. Burada tibbi sığorta məsələsinə toxunuldu və icbari tibbi sığortanı Azərbaycanda tətbiq etmək imkanları araşdırıldı. Bu məsələ çox mühüm və vacib bir məsələdir. Azərbaycan hökuməti tərəfindən bu istiqamətdə məqsədyönlü işlər görülür. Belə ki, icbari tibbi sığortanın tətbiqi ölkədə bir tərəfdən sığorta sisteminin inkişafı və təkmilləşdirilməsi istiqamətində görülən işlərin gücləndirilməsini, digər tərəfdən isə, səhiyyədə bununla bağlı müvafiq islahatların həyata keçirilməsini labüd edir. Bu, ilk növbədə tibbi yardım mexanizminin müasir tələblərə uyğunlaşdırılmasına, səhiyyə xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılmasına, bu sahədə struktur islahatlarının aparılmasına və icbari tibbi sığorta sisteminin tətbiq edilməsinə imkan verərdi. Bununla əlaqədar yalnız onu deyə bilərəm ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 may tarixli qərarı ilə xüsusi bir koordinasiya şurası yaradılmış və bu şura tərəfindən Azərbaycanda səhiyyənin maliyyələşdirilməsi sisteminin islahatı və icbari sığortanın tətbiq edilməsi proqramının layihəsi hazırlanmışdır. Layihənin 2007-ci ildən başlayaraq ilk mərhələdə bir neçə pilot rayonda həyata keçirilməsi planlaşdırılır. Onu da qeyd edə bilərəm ki, bu sahədə Maliyyə Nazirliyi Səhiyyə Nazirliyi ilə birlikdə məqsədyönlü tədbirlər həyata keçirir. Burada beynəlxalq təcrübədən istifadə olunur və bu işlərin Dünya Bankı ilə birlikdə həyata keçirilməsi planlaşdırılır. 2007-ci ildə pilot rayonlarda aparılmış islahatlar barədə əlavə məlumat biz tərəfdən Milli Məclisə çatdırılacaqdır.
Bəzi deputatlar hesab edirlər ki, səhiyyəyə ayrılan xərclər kifayət deyil. Mən bu fikri qismən qəbul edirəm. Amma hər bir şeyə biz dinamikada baxmalıyıq. 2007-ci ildə səhiyyəyə ayrılan vəsait 2006-cı ilin büdcəsinə nisbətən təxminən 50 faiz çoxdur. Bu çox böyük bir artımdır və buna biz müvafiq bir qiymət verməliyik. Digər tərəfdən, deyə bilmərəm ki, hökumət səhiyyəyə ayrılan vəsaiti kifayət hesab edir. Burada yenə də söhbət səhiyyə sistemində köklü islahatların aparılmasından gedir. Bu məqsədlə hökumət bir sıra təsirli tədbirlərin həyata keçirilməsini planlaşdırır. Mən öz çıxışımda onların bir qismini səsləndirmişdim. Səhiyyə sahəsində müxtəlif məqsədli proqramların həyata keçirilməsi nəzərdə tutulur. Heç bir dövlət, – sovet sistemi də bunu tam sübut etdi, – səhiyyə xərclərini tam həcmdə maliyyələşdirə bilməz. Ona görə də hazırda bizim tərəfimizdən görülən işlərin əsas mahiyyəti dövlət səhiyyə xərclərinin maliyyələşdirilməsi xətlərinin müəyyən edilməsi və yerdə qalan hissələrin müvafiq sığorta sistemi tərəfindən həyata keçirilməsindən ibarətdir.
Bir neçə çıxışda suvarma məsələsinə toxunuldu. Bu məsələ ilə bağlı daha ətraflı məlumat Dövlət Meliorasiya Şirkəti tərəfindən veriləcək.
Elmlə bağlı məsələlərə münasibətimi bildirmək istərdim. Bəli, növbəti ilin büdcəsində elmə ayrılan xərclər, yəni onların xüsusi çəkisi azalıb, bu, qəbul edilməlidir. Amma biz büdcə xərclərinin artması ilə əlaqədar müəyyən prioritetləri müəyyənləşdiririk. Bu prioritetlər sırasında, – bunu millət vəkilləri də qəbul edirlər, – bizim müdafiə xərclərimiz, sosial təminat, sosial müdafiə tədbirlərimiz, məcburi köçkün və qaçqınlarla bağlı tədbirlərimiz durur. Aydın məsələdir ki, bütün sahələri biz eyni məbləğdə maliyyələşdirə bilmərik. Məhz buna görə ayrı-ayrı illərdə müəyyən sahələr daha yüksək, digər sahələr daha az xüsusi çəkiyə malik ola bilər. Elmlə bağlı məsələlərin müzakirəsi Milli Məclisin daimi komissiyalarının iclaslarında da aparılmışdır. Burada bizim mövqeyimiz ondan ibarətdir ki, hökumət elmə lazımi dəstək verməlidir. Amma bu dəstək xüsusi bir konsepsiya əsasında həyata keçirilməlidir. Əfsuslar olsun ki, biz belə bir konsepsiyanı Milli Elmlər Akademiyasından hələ ala bilməmişik. Amma artıq müəyyən razılıq əldə olunub ki, konseptual əsasları müəyyənləşdirən belə bir sənəd Elmlər Akademiyası tərəfindən təqdim olunacaqdır. Buna əsasən həm fundamental, həm də tətbiqi elmin maliyyələşdirilməsi həyata keçiriləcəkdir. Burada bir sıra deputatlar hansısa istiqamətin maliyyələşdirilməsi yox, bu istiqamətin həyata keçirilməsi nəticəsində əldə edilən nailiyyətlərin maliyyələşdirilməsi məsələsini ön sıraya çəkdilər. Mən də bu fikirlə tam şərikəm. Hesab edirəm ki, biz elmdə, əsasən də tətbiqi elmdə bu nəticələrin maliyyələşdirilməsi prinsipinə keçməliyik. Amma yenə də millət vəkilləri tərəfindən səslənən fikirləri biz öz işimizdə nəzərə almağa çalışacağıq.
Burada əmanətlərin, yəni SSRİ əmanət bankında olan əmanətlərin qaytarılması və onlara təzminatların ödənilməsi məsələsinə toxunuldu. Mən bu məsələyə dair münasibətimi komissiyaların birgə iclasında bildirmişdim. Müvafiq qanunverici aktın olmaması, yəni bu qanunverici aktla müəyyən edilən ödənilmə mexanizminin olmaması şəraitində cari ilin dövlət büdcəsində ayrı sətirlə ayrılan 50 milyon manatın ödənilməsi bizim üçün böyük bir problemə çevrilib. Bunun həlli mexanizmi hazırlanmalıdır. Bu mexanizmin hazırlanmasına dair müxtəlif fikirlər var. Bəzi deputatlar deyirlər ki, gəlin, bu vəsaiti dövlət borcu kimi qəbul edək və qiymətli kağızlara çevirərək əmanətçilərə ödəyək. Bu, artıq ödəniş mexanizminin özüdür, amma bundan əvvəl müəyyən olunmalıdır ki, bu vəsaitlər kimə və hansı nisbətlərdə verilməlidir və bu vəsaitlərin sahiblərinin müəyyən edilməsi işi necə qurulmalıdır. Çünki əsas məsələ bu əmanətlərin sahibləri tərəfindən sahiblik hüququnun sübuta yetirilməsidir. Bu da asan bir məsələ deyil. Burada deyilir ki, bəzi MDB ölkələrində bu işlər müvəffəqiyyətlə başa çatıb. Bəli, bəzi ölkələrdə başa çatıb. Qazaxıstan buna bir misaldır. Amma Qazaxıstanda təzminatlar çox cüzi miqdarda ödənilib. Digər dövlətlərdə, məsələn, Rusiyada isə bu məsələ neçə ildir ki, gündəlikdədir, amma əmanət bankında olan vəsaitlər üzrə təzminatların ödənilməsinin ən azı 30-40 il ərzində həyata keçirilməsi nəzərdə tutulur. Ona görə mən hesab edirəm ki, Milli Məclisin üçüncü çağırış deputatları bu məsələyə bir də baxıb konkret mexanizm müəyyənləşdirmək üçün konkret təkliflərini təqdim edərlərsə, hökumət müvafiq vəsait ayırıb bu məqsədə yönəldə bilər.
Burada kənd təsərrüfatı ilə bağlı bir neçə məsələyə toxunuldu. Mən yalnız onu deyə bilərəm ki, dövlət tərəfindən kənd təsərrüfatı sahəsinə gələn il də vəsaitlərin artımla ayrılması nəzərdə tutulub. Söhbət 50 faizlik artımdan gedir. Burada birbaşa və müxtəlif meliorativ tədbirlərin həyata keçirilməsi üçün ayrılan vəsaitlər nəzərdə tutulur.
Müzakirələrdə tələbələrin təqaüd məsələlərinə də toxunuldu. Bu məsələlər cari il ərzində 2006-cı il büdcəsinin dürüstləşdirilməsi zamanı da hörmətli millət vəkilləri tərəfindən qaldırılmışdır. Növbəti ildə təqaüdlərin orta hesabla 25 faiz həcmində artırılması nəzərdə tutulub. O cümlədən xaricdə təhsil alan tələbələrimizin də təqaüdləri artırılacaqdır. Bu bəlkə də azdır, amma hazırda dövlətin imkanları budur. Bu yaxınlarda ölkə Prezidenti xaricdə təhsilin alınmasına dair çox böyük əhəmiyyətə malik sərəncam imzalamışdır. Həmin sərəncamla xaricdə təhsilin həyata keçirilməsi üzrə xüsusi dövlət proqramının hazırlanması və bu kimi məsələlərin dövlət büdcəsindən maliyyələşdirilməsi nəzərdə tutulur.
Bəzi millət vəkilləri tərəfindən gənclər siyasətinə az pulun ayrılması barədə fikir səsləndirildi. Biz bu fikirlə tam razı deyilik. Deyə bilərəm ki, gənclər siyasətinin həyata keçirilməsi üçün keçmiş illə müqayisədə 62 faizdən artıq vəsait nəzərdə tutulub. Bu, 1,7 milyon manat təşkil etdiyinə baxmayaraq, gənclər üçün həyata keçirilən tədbirləri tam əhatə etmir. Ölkə Prezidenti tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlərə, idman sahəsində görülən işlərə, ölkənin bütün regionlarında xüsusi idman komplekslərinin tikilməsinə çəkilən xərclər də bilavasitə gənclərə ayrılan vəsaitlərdəndir. Burada millət vəkili İqbal Ağazadə qısqanclıqla qeyd etdi ki, biz idmançılarımızın Pekində keçiriləcək yay Olimpiya oyunlarına getməsi üçün çox vəsait ayırırıq. Söhbət Pekinə getmək üçün ayrılan vəsaitdən getmir, söhbət hazırlıq işlərindən gedir. Olimpiya oyunları 2008-ci ildə olacaq. Amma 2007-ci ildə idmançılarımız müvafiq hazırlıq işləri aparmalı, təlim-məşq işləri həyata keçirməli və xaricdəki turnirlərdə iştirak etməklə olimpiya lisenziyaları qazanmalıdırlar. Söhbət bu xərclərdən gedir və bu xərclərin 2006-cı ilə nisbətən daha çox nəzərdə tutulması tam əsaslıdır.
Hörmətli cənab Sədr, mən millət vəkillərinin bu saatadək səsləndirdikləri suallara cavab verməyə çalışdım. Amma belə başa düşürəm ki, müzakirələr zamanı digər məsələlər də qaldırılacaq və mənə sonrakı iclaslarda da imkan yaradılacaq ki, əlavə suallara cavab verim.
Sədrlik edən. Çox sağ olun. Suallara cavab vermək imkanımız çox olacaq. Ancaq bir şeyi də mən nəzərə çatdırım. Bir məsələ, deyəsən, yaddan çıxdı. Millət vəkillərinin iş şəraitinin yaxşılaşdırılması üçün investisiya proqramında millət vəkilləri üçün yeni inzibati binanın tikilməsi də nəzərdə tutulub. Bu binada hər millət vəkilinin ayrıca iş otağı olmalıdır. Bu barədə hökumət qarşısında məsələ qaldırılıb və bu da investisiya proqramında nəzərdə tutulub. Çox sağ olun, Samir müəllim. Xanhüseyn Kazımlı.
X. Kazımlı. Çox sağ olun. Hörmətli Sədr, hörmətli hökumət nümayəndələri, dəvət olunan qonaqlar, media nümayəndələri! Biz artıq iki gündür ki, ölkənin sosial-iqtisadi inkişafının nəinki gələn il, hətta sonrakı illərdə tərəqqisinin əsası olan 2007-ci ilin büdcəsi barədə qanun layihəsini müzakirə edirik. Bu taleyüklü qanunun müzakirəsində məndən əvvəl deputat həmkarlarım çox maraqlı fikirlər söylədilər. Hökumətin nümayəndələri də tutulan iradlara və səsləndirilən arzulara münasibətlərini bildirdilər. Mən büdcənin müsbət tərəfləri haqqında danışmağa ehtiyac duymuram. Çünki deputatların fikricə, büdcə 99,99 faiz qənaətləndiricidir. Komissiyada müzakirə zamanı da bu deyildi. Amma büdcədə 0,1 faiz əgər qüsur varsa, deməli, deputatların da bu barədə danışmasına ehtiyac vardır. Ayrı-ayrı deputat həmkarlarımın fikirləri içərisində qiymətli təkliflər vardır. Mən bunu təbii hesab edirəm. Ümumiyyətlə, büdcə ölkənin potensial imkanlarını üzə çıxararaq gələcəkdə çox əhəmiyyətli və taleyüklü vəzifələrin həyata keçirilməsi üçün gözəl şərait yaradır.
Sosial-iqtisadi proqramların həlli baxımından strateji məsələlər büdcədə daha çoxdur. Bu mənada büdcənin müsbət məqamları barədə fikrimi bildirməzdən əvvəl bir məsələni də qeyd etmək istəyirəm. Burada həm ölkənin maliyyə naziri hörmətli Samir Şərifov, həm də iqtisadi inkişaf naziri Heydər Babayev tərəfindən proqnozlar barədə geniş məlumat verildi. Bizi narahat edən bəzi sualların da indi cavabları aşkarlandı. Bizdə belə bir əminlik yarandı ki, verilən sualların, deputatlarda narahatçılıq törədən məsələlərin bir qismi büdcədə öz həllini tapacaqdır. Mən büdcənin həm hazırlanması və təqdimatı, həm də cənab maliyyə nazirinin çıxışlarında söylənilən fikirlərlə tam razıyam və bunları qənaətləndirici hesab edirəm.
Biz bir məsələni unuduruq ki, ölkəmizdə istər kommunikasiya, istər təhsil, istər rabitə, istər kənd təsərrüfatı və istərsə də irriqasiya və meliorasiya sistemində görülən böyük işlər bu ölkənin büdcəsindən, Neft Fondundan və digər fondlardan maliyyələşdirilir. Azərbaycanın bütün guşələrində böyük işlər görülmüşdür və bunu, əlbəttə, inkar etmək olmaz. Bu və ya digər bölgədə hər hansı işlərin görülməməsi görülən işlərin üzərindən qara xətt çəkmək üçün heç bir əsas vermir.
Xüsusi ilə qeyd etmək istəyirəm ki, son iki ildə ölkəmizdə nəqliyyat, yol abadlığı istiqamətində görülən işlər əvvəlki onilliklər ərzində görüldüyündən çoxdur. Bu, böyük nailiyyətdir. Amma yolun hansı bölgədə hara çəkilməsinə irad tutmaq, buna qısqanclıqla yanaşmaq, məncə, yersizdir. Çünki bu gün ölkənin bir bölgəsində, sabah başqa bir bölgədə dağlıq rayonlarda yolların abadlaşdırılması və ölkənin ayrı-ayrı bölgələri arasında nəqliyyat əlaqələrinin yaxşılaşdırılması artıq məqsədli bir proqram kimi həyata keçirilir. Yəqin ki, ardıcıl olaraq biz bunun şahidi olacağıq.
Bu gün mən bir məsələyə də toxunmaq istəyirəm. Ölkə Prezidentinin bizə göstərdiyi qayğı və cənab spiker, Sizin zəhmətiniz, böyük iradəniz sayəsində qısa müddətdə belə bir möhtəşəm zalın istifadəyə verilməsi dövlətin büdcəsi, varidatı hesabına deyilmi? Biz bunu da unutmamalı, xüsusi qiymətləndirməliyik. Əgər dövlət bu gün belə nəhəng işləri həyata keçirirsə, Sizin qeyd etdiyiniz kimi, gələcəkdə parlament üzvləri üçün yeni binanın tikilməsi, maliyyə nazirinin qeyd etdiyi kimi, köməkçilərin ayrılması və eşitdiyimizə görə, gələcəkdə deputatların nəqliyyatla təmin olunması kimi məsələlər addım-addım həll olunursa, bu, misilsiz və böyük uğurlardır.
Büdcəmizdə hərbi xərclərin çox olması barədə fikir burada səsləndi. Bəzi çıxışlarda buna militarist bir məna verildi. Guya internetdə hansısa Ermənistan məmuru tərəfindən fikir səsləndirilirdi. Buna adi arqumentlər göstərildi. Mən hesab edirəm, bizim ən güclü arqumentimiz budur ki, Azərbaycan Cənubi Qafqazda ərazisində heç bir xarici dövlətin hərbi qüvvələri olmayan yeganə dövlətdir. Biz bunu rəhbər tutaraq, öz imkanlarımız hesabına hərbi qüvvələrimizin canlanmasına, genişlənməsinə vəsait ayırmışıq.
Deputat həmkarlarım qiymət siyasəti ilə əlaqədar narahatlıqlarını bildirdilər. Xüsusi ilə Vahid Əhmədov bu məsələni qabartdı. Şübhəsiz ki, bu, büdcə ilə tam əlaqəsi olan bir məsələ deyil. Bu, iqtisadi məsələdir və qiymətlərin tənzimlənməsi istiqamətində lazımi tədbirlərin görülməsini tələb edir. Amma mən hökumət üzvlərinin diqqətinə çatdırmaq istəyirəm ki, bu parlamentdə iki il bundan əvvəl Tənzimlənən qiymətlər haqqında qanun qəbul edilmişdi. Lakin həmin qanunun cənab Prezidentin imzasına verilməsinə hökumətin tərkibində olan məmurlardan mane olan olmuşdu. İndi o, ifşa olunub, vəzifəsində yoxdur. Gələcəkdə hökumətin yeni nümayəndələri, yeni üzvləri parlament tərəfindən qəbul olunmuş Tənzimlənən qiymətlər haqqında qanunun, ola bilsin, yeni redaksiyada işlənib qüvvəyə minməsinə şərait yaradarlar və o qanun qiymətlərin tənzimlənməsi üçün mühüm hüquqi baza yaratmış olar.
Burada əmlakın dəyərləndirilməsi və əmlak vergisi barədə tənqidi fikirlər səsləndirildi. Cənab Prezident də müşavirələrdə bunu dəfələrlə deyib ki, əmlak vergisinin yığılmasında problemlər var. Ona görə ki, bizim ölkəmizdə əmlak olduğu kimi dəyərləndirilə bilmir. Bu istiqamətdə də lazımi tədbirlər görülməlidir.
Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən çıxışımı yekunlaşdıraraq bir daha qeyd edirəm ki, ölkənin potensial imkanlarını ortaya qoyan bu büdcə mükəmməl və çox yüksək bir səviyyədə hazırlanmışdır. Əvvəlki illərdə söylədiyimiz iradların, ola bilsin, çox cüzi bir hissəsi burada qalmışdır. Mən bu büdcəyə səs verəcəyəm və deputat həmkarlarımı da 2007-ci ilin büdcəsinə səs verməyə çağırıram. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri Heydər Babayev. Sonra Əhəd Abıyev çıxış edəcək.
H. Babayev, Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! İki gün davam edən müzakirələr zamanı hörmətli millət vəkilləri tərəfindən bir çox dəyərli fikirlər söyləndi. Mən onları özüm üçün şərti olaraq üç yerə bölürəm. Birincilər tövsiyə xarakteri daşıyır. Əlbəttə, biz onları həm gündəlik işimizdə, həm də gələcək fəaliyyətimizdə nəzərə alacağıq. Qaldırılan bəzi məsələlər irad da olmasa, qərəzli xarakter daşıyır. Mən hesab etmirəm ki, bu gün burada vaxtımızı sərf edib bu suallara cavab verəcəyik. Amma bəzi məsələlər üzrə mən arayışlar vermək istəyirəm.
Burada məsələ qaldırıldı ki, neft gəlirlərindən qeyri-neft sektoruna daxilolmalar artırılmalı və əsaslı xərclərə üstünlük verilməlidir. Samir müəllim də bu məsələnin üzərində dayandı. Neft Fondu büdcə transferlərindən başqa bir çox layihələrə dəstək verir, o cümlədən bildiyiniz kimi, Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyəti də Neft Fondunun vəsaitləri hesabına həyata keçirilir. Ondan başqa, Dövlət İnvestisiya Şirkəti yaradılıb. Bu şirkətin nizamnamə kapitalı da məhz Neft Fondu tərəfindən formalaşıb. Bu günə qədər şirkətə 50 milyon manata yaxın vəsait ayrılıb. Bu ilin axırına qədər şirkətin nizamnamə fondu 90 milyon manat məbləğində formalaşacaq. Əsaslı xərclər də ilbəil artmaqdadır. 2007-ci ildə bu məqsədlə 2 milyon 122 min manat vəsait nəzərdə tutulmuşdur. Onu da qeyd etmək lazımdır ki, əsaslı xərclərin artırılması ölkədə aparılan investisiya xərclərinə uyğun həyata keçirilir və gələcək dövrlərdə bu məsələ daim diqqət mərkəzində olacaqdır.
Bəzi millət vəkilləri tariflərə toxundular. Tarif Şurasının sədri kimi mən bu məsələlərə aydınlıq gətirmək istəyirəm. İlk növbədə metroda tariflər artırılmalı və ya metropolitenə dotasiya verilməlidir. Bir çıxışda deyildi ki, dotasiya düzgün deyil. Bu gün metropolitenin fəaliyyətini tənzimləmək məqsədi ilə hər il dövlət büdcəsindən bu təşkilata dotasiya və ya subsidiya şəklində yardım ayrılır. 2006-cı ildə büdcədən metropolitenə subsidiya şəklində 9,5 milyon manatdan artıq vəsait ayrılması nəzərdə tutulmuşdur. 2007-ci il üçün dövlət büdcəsində isə qeyd olunan məqsədə 12 milyon manat vəsait ayrılacağı nəzərdə tutulub. Dövlət İnvestisiya proqramında Bakı metropoliteninin şimal hissəsinin tikintisi, avadanlıqların və vaqonların alınması və bir sıra əsaslı xərclərin maliyyələşdirilməsi məqsədi ilə 34,8 milyon manat nəzərdə tutulmuşdur.
Bir tərəfdən bugünkü reallığı və başqa ölkələrin təcrübəsini nəzərə alaraq razılaşmalıyam ki, dotasiya sistemi düzgün deyil. Digər tərəfdən bir şeyi də unutmaq lazım deyil ki, bu gün metropolitenin xidmətlərindən bizim əhalinin ən aztəminatlı təbəqəsi istifadə eləyir. Metropolitenin rəhbərliyindən və metropolitendən aldığımız təkliflərdə qiymətlərin kəskin şəkildə artırılması nəzərdə tutulur. Bəlkə də bu təklif doğrudur. Çünki qiymətləri yavaş-yavaş qaldırmaqla biz subsidiyaları tamamilə ləğv edə bilməyəcəyik, sadəcə, subsidiyalar azalacaq və sonunda biz yenə eyni rəqəmlərə gəlib çıxacağıq. Amma mən sizi əmin edirəm, Tarif Şurası artıq təşkilatlanmışdır və orada yüksək səviyyəli peşəkarlar işləyirlər. Bizim hər bir qərarımız bir çox məsələləri götür-qoy etdikdən, o cümlədən dərin təhlil apardıqdan sonra qəbul olunur. Bu qərarların nəticələri və cəmiyyətin onlara reaksiyası göstərir ki, biz doğru yoldayıq. Bu gün metroda gediş haqqını düzgün müəyyən etmək üçün də Tarif Şurasında belə iş aparılır. Yəqin ki, 3 aydan sonra bu işi biz bitirəcəyik. Yəni sərnişinlərin sayından tutmuş dotasiyanın tam həcminə qədər hər şeyi öyrənməli, bilməliyik. Məsələni ondan sonra Tarif Şurasının müzakirəsinə çıxara biləcəyik.
Bəzi çıxışlarda belə bir fikir səsləndirildi ki, dizel yanacağının qiymətinin artması nəticəsində əkin sahələrinin həcmi azalıb, kəndli torpaqdan aralı düşüb. Əkin sahələrinin azalmasının dizel yanacağının qiymətinin artması ilə birbaşa heç bir əlaqəsi yoxdur. Çünki iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən kənd təsərrüfatında istehsal olunan məhsulların maya dəyərində yanacaq xərclərinin xüsusi çəkisi bu fikri tamamilə inkar edir. Belə ki, kənd təsərrüfatı məhsullarının maya dəyərində yanacaq xərclərinin xüsusi çəkisi o qədər də yüksək deyildir. Məsələn, taxılçılıqda 8-9, pambıqçılıqda 12-13, tərəvəzçilikdə 12, tütünçülükdə 3,5-4 və meyvəçilikdə 3-4 faizdir. Nəqliyyatda, bəzi nəqliyyat növlərində, gəmiçilikdə də çox aşağıdır – 6,3, dəmiryolunda 6,7, sərnişin və yükdaşımada 25-30 faizdir. Burada da qiymətlər artırılıb.
Qeyd etmək istərdim ki, cari ildə bir sıra əkinçilik məhsullarının ixracında ötən ilin cari dövrü ilə müqayisədə əhəmiyyətli artım baş vermişdir. Belə ki, pambığın ixracı 132,8 faiz, meyvə və tərəvəz məhsullarının ixracı 110,5 faiz, diri heyvanların ixracı 227 faiz artmışdır. Bunlar çox vacib iqtisadi göstəricilərdir. Ona görə demək olmaz ki, kənd təsərrüfatı tamamilə durğun vəziyyətdədir. Cənab Prezidentin yanında keçirilən müşavirədə mən qeyd etdim ki, yəqin, bu sahədə xüsusi proqramların hazırlanmasına keçmək lazımdır. Güman ki, bu proqramları qəbul etdikdən sonra biz kənd təsərrüfatının daha intensiv inkişafını müşahidə edəcəyik.
Bir məsələ də emal müəssisələri ilə bağlı idi. Dedilər ki, yaxşı olar, Lənkəranda, Zaqatalada aeroportların, Xınalıq avtomobil yolunun, idman komplekslərinin tikintisinə yönəldilən səmərəsiz xərclər yerinə büdcə vəsaitləri kənd təsərrüfatı məhsulları emal edən müəssisələrin yaradılmasına xərclənsin. Bu, doğru fikir deyil. Çünki Azərbaycanda alış qiymətlərinin yüksək olmasına baxmayaraq, emal müəssisələri, o cümlədən tomat pastası emal eləyən və istehsal eləyən, meyvə, o cümlədən tərəvəz qəbul eləyən müəssisələr çətinlik çəkirlər. Emal müəssisələri tam gücü ilə işləmir və bu da onların rentabelliyinə böyük təsir göstərir. Bunu siz böyük emal müəssisələrindən soruşa bilərsiniz. Soruşsanız, hamı bunu təsdiq edəcək.
Başqa məsələlərin üzərində dayanmıram. İdman kompleksləri tikintisinin regionların inkişafı baxımından hansı əhəmiyyət kəsb etdiyini hamı başa düşür. İnfrastruktur layihələrinə, aeroportların və Xınalıq yolunun tikilməsi məsələsinə gəlincə, bunların iqtisadi baxımdan nə demək olduğunu bizim millət vəkili çox yaxşı cavablandırdı. Mən bu suallara cavab vermək istəməzdim.
Qüdrət Həsənquliyev və Zahid Orucov tərəfindən sual verildi ki, aran və Qarabağ regionlarında su ehtiyatları və irriqasiya sahəsində hansı tədbirlər həyata keçiriləcək. Qısa məlumat vermək istəyirəm ki, 2007–2010-cu illər üzrə dövlət investisiya proqramında aran və Qarabağ zonaları üzrə Saatlı və Sabirabad rayonlarında torpaqların suvarılması üçün Kür-Muğan kanalının layihə-smeta sənədlərinin hazırlanması və tikintisi, Yevlax rayonunda torpaq sahələrinin meliorativ cəhətdən yaxşılaşdırılması, Biləsuvar rayonunun sərhəd ərazilərində suyığıcı kollektorların tikilməsi və Əzizbəyov adına kollektorun yenidən qurulması, Kür çayının məcrasının Salyan şəhəri yaxınlığında düzləndirilməsi, Kürdəmir rayonu ərazisində Axtaçı - Ərəb Qubalı kanalının smetalarının hazırlanması və tikintisi, Laçın rayonunun Ağcabədi rayonu ərazisində yerləşən qış otlaqlarının, torpaqlarının meliorativ vəziyyətlərinin yaxşılaşdırılması tədbirləri həyata keçiriləcəkdir. Füzuli, Tərtər və Ağdam rayonlarında əkin sahələrinin suvarılması, qrunt sularının səviyyəsinin aşağı salınması və digər meliorativ tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Hörmətli millət vəkili xanım Qənirə Paşayeva Tovuz rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün binaların tikintisi barədə sual verdi. Ümumiyyətlə, respublikanın 25 rayon və şəhərində 2007-ci ildə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 580 mənzilli, o cümlədən Tovuz rayonunda 24 mənzilli yaşayış binası tikilib istifadəyə veriləcəkdir.
Cəmil Həsənli sual verdi ki, təhsilə ayrılan vəsaitin 85 faizi əmək haqqına xərclənirsə, məktəblərin tikintisi nəyin hesabına həyata keçirilir? Qeyd etmək lazımdır ki, dövlət büdcəsindən təhsil xərclərinə ayrılan vəsaitdən əlavə olaraq 2007-2010-cu illər üzrə dövlət investisiya proqramında təkcə 2007-ci il üzrə sərəncamçısı Təhsil Nazirliyi olan 73,5 milyon manat ümumtəhsil məktəblərinin tikintisi üçün nəzərdə tutulmuşdur. Ondan başqa, siz bilirsiniz ki, Heydər Əliyev Fondunun prezidenti hörmətli Mehriban xanımın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən bir sıra məktəblər tikilib.
Əlyazmalar İnstitutunun təmir olunması və tarixi abidələrin bərpa edilməsi məsələlərinə dair Yaqub Mahmudovun sualı var idi. Dövlət investisiya xərclərində Azərbaycanda Milli Elmlər Akademiyasının sifarişi əsasında 2007-ci il ərzində Əlyazmalar İnstitutunun təmir olunması üçün 300 min manat vəsait ayrılmışdır. Bundan əlavə, tarixi abidələrin bərpası və yenidən qurulması məqsədi ilə növbəti ildə, ümumiliklə, 30 milyon manat vəsait ayrılması nəzərdə tutulub.
Cənab Sədr, mən indi aydınlıq gətirilməsinə ehtiyac olan sualları cavablandırdım. Ümid edirəm ki, müzakirələrdən sonra başqa suallara da cavab vermək imkanımız olacaq. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, Heydər müəllim. Əhəd Abıyev.
Ə. Abıyev. Hörmətli Sədr, hörmətli millət vəkilləri və hökumət üzvləri! Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müzakirəmizə təqdim olunmuş 2007-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsinə münasibətimi bildirmək istəyirəm. 2007-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi müzakirəmizə cari ilin büdcə layihəsi ilə müqayisədə daha təkmilləşmiş formada verilib. Bu işi müsbət hal kimi qiymətləndiririrəm.
Layihə sənədlərindən göründüyü kimi, respublikanın sosial-iqtisadi göstəriciləri dinamik inkişaf edir, ümumi daxili məhsulun həcminin, dövlət büdcəsinin gəlir və xərclərinin kəskin şəkildə artması nəzərdə tutulmuşdur. Ölkə Prezidenti cənab İlham Əliyev Milli Məclisin 2006-cı il payız sessiyasının açılışında çıxış edərək söyləmişdir ki, büdcənin artımı ölkə qarşısında duran bütün problemlərin həlli üçün gözəl imkanlar yaradır və büdcə qəbul edildikdən sonra 2007-ci ildə çox böyük işlər görmək mümkün olacaqdır.
Birmənalı şəkildə qeyd etmək istəyirəm ki, ümummilli liderimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş iqtisadi və sosial islahatlar bu gün onun layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkədə uğurla davam etdirilir. Prezident İlham Əliyevin son illərdə regionların inkişafı üçün atdığı ciddi addımlar artıq öz müsbət nəticələrini verməkdədir. Respublikada həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində bərqərar olmuş sabitlik ölkəyə xarici investorların axınına səbəb olmuşdur. Son illərdə isə daxili investisiyaların xüsusi çəkisi artmaqdadır.
Qeyd etmək istəyirəm ki, büdcə xərclərində qeyri-neft sektorunun inkişaf etdirilməsinə xüsusi fikir verilir. 2007-ci ildə 2006-cı illə müqayisədə ümumi daxili məhsulun həcminin 34 faiz, dövlət büdcəsinin gəlirlərinin ümumi daxili məhsulun 24 faizi həcmində, xərclərinin isə ümumi daxili məhsulun 25,17 faizi həcmində artması, habelə büdcə gəlirlərinin 2006-cı il dövlət büdcəsinin gəlirlərindən 39 faiz çox olması proqnozlaşdırılmışdır. 2007-ci il dövlət büdcəsinin xərclərində iqtisadi-sosial islahatların genişləndirilməsinin, ölkənin müdafiə sisteminin gücləndirilməsinin, əhalinin minimum yaşayış səviyyəsinin yüksəldilməsinin və buna xidmət edən ünvanlı sosial yardımın təmin edilməsinin, sosial-iqtisadi proqramın daha vüsətlə həyata keçirilməsinin nəzərdə tutulmasını mən, əlbəttə, müsbət qiymətləndirirəm. Sürətli iqtisadi inkişaf və maliyyə sabitliyi dövlətin sosial yönlü siyasət aparmaq imkanlarını daha da genişləndirmişdir. Son illərdə dövlət büdcəsinin xeyli artması müdafiə, səhiyyə və təhsil xərclərinin də müvafiq surətdə artırılmasına imkan vermişdir.
Cari ildə icra orqanları rayonlarda büdcə vəsaiti hesabına dövlət əhəmiyyətli konkret işlər görür ki, bu da yerli əhali tərəfindən çox yaxşı qarşılanır. Ölkə Prezidentinin tapşırığı ilə Masallı-Yardımlı magistral yolunun, Yardımlı-Lerik qaz kəmərinin çəkilişi, rayonlarda müasir tipli yeni məktəblərin, xəstəxanaların, idman komplekslərinin tikilməsi kimi böyük işləri buna misal gətirmək olar. Prezident İlham Əliyevin Cənub bölgəsinə səfəri Azərbaycan bölgələrinin dinamik sosial-iqtisadi inkişafına onun böyük qayğısının əyanı göstəricisi kimi yadda qalmışdır. Regionların inkişaf proqramına uyğun olaraq 2007-ci ilin büdcəsində də bölgələrdə belə işlərin davam etdirilməsi nəzərdə tutulmuşdur. Dövlət büdcəsinin ildən-ilə zənginləşməsi iqtisadiyyatın inkişafı deməkdir. İqtisadiyyat inkişaf etdikcə isə yerlərdə əhalinin sosial problemləri öz həllini tapır. Hörmətli Prezidentimizin də əsas məqsədi Azərbaycanı qüdrətli, zəngin bir dövlətə çevirməkdir. Ölkə başçısının “mən hər bir azərbaycanlının Prezidenti olacağam” sözlərini hər kəs bilir. Bu sözlərin bu gün həqiqətə çevrildiyi göz qabağındadır. Azərbaycanın bütün bölgələrində inkişaf var, insanlar arzularına çatır, tam sərbəst fəaliyyət göstərirlər.
Bu gün mən dövlət büdcəsi ilə bağlı fikirlərimi hökumət üzvlərinə bildirərək, onlara “çox sağ olun” deyirəm. Çünki yerlərdə də hökumət üzvləri çox işlər görürlər. Mən bu büdcənin təsdiq olunmasına səs verəcəyimi bildirir və həmkarlarımdan da bunu xahiş edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Əhməd müəllim, sualları cavablandırmaq istəyirsiniz?
Ə. Əhmədzadə, Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri.
Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən ilk növbədə sizin hamınızı bu gözəl zalda keçirilən tədbirə görə təbrik edirəm. Bu gün ən qabaqcıl dövlətin senatoru da belə bir zalda oturub qanunlar qəbul eləməyi özünə şərəf sayardı. Mən bu zalda oturmağımı özümə şərəf bilir və arzu edirəm ki, burada Azərbaycan xalqının, Azərbaycan dövlətçiliyinin gələcək inkişafı üçün yaxşı qanunlar qəbul olunsun.
Bu qanunların hamısı dəyərlidir. Amma Azərbaycan Respublikasının illik büdcə qanunu həmişə 8 milyonluq əhalinin diqqət mərkəzində olmuşdur. Bu qanun uşaqdan böyüyə qədər bütün Azərbaycan xalqı üçün maraqlı olur. Çünki onun maddi rifah halının yaxşılaşdırılması, ölkənin inkişafı bu qanunda daha çox öz əksini tapır.
Konkret büdcə layihəsinə gəldikdə onu deyə bilərəm ki, Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan hökuməti büdcədən maliyyələşdirilən bizim cəmiyyətə çox diqqətlə yanaşıblar. 1 milyon 430 min hektar sahədə meliorasiya olunan torpaqların saxlanması üçün lazım olan vəsaitin verilməsi, demək olar ki, əsasən, təmin olunubdur. Düzdür, bu gün desək ki, bu işlər tam, əsaslı şəkildə həll olunubdur, yalan söyləmiş olarıq. Çünki bu olduqca çətin məsələdir. İllərlə yığılıb qalmış problemlərin bir ildə həll olunması mümkün deyildir.
Azərbaycanın kənd təsərrüfatında gedən islahatları yadımıza salaq. Kolxoz və sovxozlar ləğv olundu, torpaqlar əhaliyə verildi və nəticədə meliorasiya qurğuları sahibsiz qaldı. İndi həmin qurğular bizə verilib. 1 milyon 430 min hektar sahəni suvarmaq üçün 100-ə yaxın su anbarı, 50 min km uzununda suvarma kanalı, 32 min km uzununda kollektor-drenaj sistemi, 1000-dən artıq nasos-stansiya var. 7 minə yaxın su artezian quyusu var ki, bunların hamısını birləşdirəndə 15 mindən artıq nasos-aqreqat eləyir. 679 min kilovat-saat güc aqreqatları var. Bunların saxlanmasına çox böyük vəsait tələb olunur. Bunların hamısını tam təmir eləmək, doğrudan da, çətindir. Amma büdcəmizdə artım çoxdur, nəzərəçarpacaq dərəcədədir. Meliorasiya sahəsinə builki ayırmalardan biz çox razıyıq. İndi bizim sahəyə 70 milyon manata yaxın əsaslı vəsait qoyuluşu nəzərdə tutulub. Bunu Samir müəllim də məruzəsində dedi. Eyni zamanda, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına Neft Fondundan əlavə vəsaitin nəzərdə tutulması Azərbaycanda meliorasiya sahəsinə verilən vəsaitin artıq dəfələrlə artması deməkdir. Ölkə Prezidenti bu məsələlərlə çox ciddi məşğuldur və bizə də öz tapşırıqlarını verib.
Mən deputatların burada qaldırdığı bəzi məsələlərə münasibətimi bildirmək istəyirəm. Dünən deputat Həsənquliyev 300 minə yaxın artezian quyusunun qazılması təklifini irəli sürdü. Mən deyərdim ki, 300 minə yaxın artezian quyusunun qazılması problem deyil. Amma sonra onun istismarı üçün ən azı 30-35 milyon manat vəsait lazımdır. Ona görə də Azərbaycan hökuməti proqramda artezianların sayının artırılmasını yox, enerji təchizatındakı çətinlikləri nəzərə alaraq öz axını ilə suvarma məsələsini bir vəzifə kimi qarşıya qoyub. Həsənquliyevin dediyi regionda suvarma işini nizama salmaq üçün Şəmkir çayı üzərində yeni su anbarının tikintisinə başlanacaq. 2007-ci ildə artıq bu tikinti üçün vəsaitin də ayrılması nəzərdə tutulmuşdur.
Deputat Zahid Orucov meliorasiya sahəsində yeni proqramın hazırlanmasını xahiş elədi. Mən Zahid müəllimə çatdırıram ki, ölkə Prezidentinin tapşırığı ilə milli meliorasiyanın inkişafı ilə bağlı yeni proqram hazırlanır. Yəqin, ilin axırınacan təsdiq üçün Prezidentə təqdim olunacaq. O proqramda bütün bu problemlər öz əksini tapacaq.
Deputat Sevindik Həsənov Ağcabədi qışlaqlarında meliorasiya sahəsinin genişləndirilməsini təklif elədi. Amma burada 4 min hektar yox, hələlik 1500 hektara yaxın sahədə meliorasiya işlərinin aparılması üçün layihə-smeta sənədləri hazırlanıb. Bu il oraya 8,1 km uzunluğunda kanal çəkilir. Bu işlərin həyata keçirilməsi üçün gələn ilin büdcəsində 500 min manat vəsaitin ayrılması nəzərdə tutulub.
Deputat Səfər Məmmədov çıxışında bildirdi ki, Beyləqan rayonunda meliorasiya işləri aparılmır, meliorasiya sahəsinə az vəsait ayrılır və yaxud vəsaitin xərclənməsi məqsədyönlü aparılmır, bu sahədə Beyləqana az fikir verilir. Mən onu deyə bilərəm ki, Beyləqan rayonu respublikanın ən böyük suvarma-əkinçilik rayonudur. 48 min hektara yaxın suvarılan torpağı var. Onun 39 min hektarı tam meliorasiya olunmuş sahələrdir. Bu sahələrin də müəyyən qədər şoranlaşmasına səbəb torpaq mülkiyyətçilərinin torpağın şorandan yuyulması üçün heç bir iş aparmamasıdır. Biz onlara bu sahədə kömək eləməyə, yəni onları suvarma suyu ilə təmin eləməyə hazırıq. Gələn il üçün 500 min manatlıq əlavə meliorasiya işlərinin görülməsi nəzərdə tutulub. Yəni proqram əsasında bu işlər davam etdirilir.
Deputat Yaqub Mahmudov dağ çaylarında selə qarşı mübarizə tədbirlərini nəzərdə tutan xüsusi proqramın hazırlanmasını təklif elədi. Qeyd edim ki, bu sahədə milli proqrama dağ çaylarında selə qarşı mübarizə tədbirlərinin görülməsi də daxildir. Ölkəmizdə bu məsələlərin hamısı hökumətin və dövlət başçısının nəzarəti altındadır. Biz də qaldırılan məsələlərə vaxtında reaksiya veririk. Deputatlar bizim sahə üzrə hansı məsələni qaldırsalar, biz onları həmişə imkan daxilində həll eləməyə hazırıq. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Əhməd müəllim, həm çıxışınıza, həm də millət vəkillərinə göstərdiyiniz hörmətə görə çox sağ olun. Söz verilir Mirkazım Kazımova.
 M. Kazımov. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Müzakirə olunan büdcə paketi sənədlərindən göründüyü kimi, hökumət dövlət büdcəsi haqqında qanun layihəsini və onunla bağlı sənədləri əvvəlki illərlə müqayisədə daha mükəmməl və ətraflı tərtib etmişdir. Ümummilli liderimiz Heydər Əliyevin iqtisadi siyasətini və neft strategiyasını uğurla davam və inkişaf etdirən cənab İlham Əliyev Prezident vəzifəsində fəaliyyətinin ötən 3 ili ərzində ölkənin sosial-iqtisadi inkişafının daha sürətli olmasını təmin etmiş, Azərbaycanı regionda davamlı iqtisadi qüdrəti olan dövlətə çevirmişdir.
2007-ci ilin dövlət büdcəsi layihəsinin rəqəmləri ölkə iqtisadiyyatının gələn il də sürətlə inkişaf edəcəyindən xəbər verir. Ümumi daxili məhsulun cari ilə nisbətən 26 faizdən çox artımı proqnozlaşdırılır. Başa çatmaqda olan ilin 9 ayının bu göstəricisinin 34 faiz təşkil etməsi gələn ilin artım tempinin proqnozlaşdırılan rəqəmlərdən də yüksək olacağını göstərir.
Dövlət büdcəsinin gəlirlərinin strukturunda müsbət meyillər daha diqqətçəkəndir. Gəlirlərin ümumi həcmində Vergilər Nazirliyi tərəfindən toplanacaq vəsaitlərin büdcədəki xüsusi çəkisinin 75 faizə yaxın olacağı proqnozlaşdırılır. Hüquqi şəxslərin mənfəət vergisi həcminin büdcə gəlirlərinin 39,3 faizini təşkil etməsi və cari illə müqayisədə 76 faiz artımla nəzərdə tutulması diqqətəlayiq haldır.
Digər müsbət hal 2007-ci ilin dövlət büdcəsinin cari ildə olduğu kimi sosial yönümlü olmasıdır. Təhsilə, səhiyyəyə ayrılan vəsaitlərin artım tempi 47 faizdən artıq proqnozlaşdırılır. Bu çox yaxşı göstəricidir.
Gələn il investisiya mühitinin daha da yaxşılaşdırılması planlaşdırılır. Əsaslı vəsait qoyuluşu büdcənin prioritet istiqamətinə çevrilir. Burada əsas məsələ ayrılacaq sərmayələrdən məqsədyönlü və təyinatı üzrə istifadə olunmasıdır.
Kənd təsərrüfatı sahəsində müsbət meyillərdən biri sahənin inkişafında böyük xüsusi çəkiyə malik meliorasiya və irriqasiya işlərinə ayrılan büdcə vəsaitlərinin nəzərəçarpacaq dərəcədə artırılmasıdır.
Gələn il və sonrakı illər yeridiləcək iqtisadi və sosial siyasətin əsas məqamı qeyri-neft sektorunun və bu kontekstdə ilk növbədə regionların inkişafı, yeni istehsal sahələrinin, iş yerlərinin yaradılması işinin davam etdirilməsidir. Məlum olduğu kimi, möhtərəm Prezidentimizin tapşırığı ilə hökumət ölkənin yaxın illər üçün sənaye inkişafı proqramını hazırlayır.
Bununla bağlı, ərazisindən deputatı olduğum Cəlilabad rayonu üçün əhəmiyyətli hesab etdiyim bir məsələyə toxunmaq istərdim. Yaxşı olardı ki, Cəlilabadın kənd təsərrüfatı və əmək resursları potensialını nəzərə alaraq müvafiq sənaye obyektlərinin, ilk növbədə kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin, rayonun ildə 120 min tondan artıq taxıl istehsalına malik olmasını nəzərə alaraq dəyirman kompleksinin tikilməsi dövlət proqramının tədbirləri siyahısına daxil edilsin.
Hörmətli millət vəkilləri, bu gün Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalçısının bazar iqtisadiyyatı şəraitində problemə çevrilmiş məsələlərindən biri də istehsal etdiyi məhsulu istehlakçıya vaxtında çatdıra bilməməsidir. Bunun üçün yerlərdə müasir tədarük, məhsul qəbulu servisinin yaradılması günün tələbidir. Bu işdə dövlətin tənzimləmə mexanizminin olması çox vacibdir. Bu xidmət sahəsində çalışanlar istehsal olunan kənd təsərrüfatı məhsullarının əkin sahəsindən – fermadan, kəndlinin həyətindən topdansatış qaydasında alınıb şəhərlərə, emal müəssisələrinə çatdırılmasını təşkil etməlidirlər. Bu zaman elə maliyyə mexanizmi tətbiq edilməlidir ki, tədarükçü servis xidməti əkinçidən, maldardan məhsulu qəbul edən zaman onun haqqını ödəyə bilsin.
Toxunacağım digər məsələ rayonda kənd məktəblərinin tikintisinin genişləndirilməsidir. Xüsusilə rayonun Uzuntəpə, Mikayıllı, Şötüklü, Novruzallı, Dostalı, Yusifli kəndlərində ən azı ibtidai məktəblərin təşkili və onlar üçün bina tikintisi çox vacibdir. Kəndlərin buna ehtiyacı vardır. Müvafiq nazirlərdən bu məsələnin nəzərə alınmasını xahiş edirəm.
Büdcə zərfinin müzakirəsində iştirak edən deputat həmkarlarım kimi, mən də 2007-ci ilin büdcə sənədlərinin yüksək səviyyədə hazırlandığını bir daha qeyd edir, onların təsdiq olunmasının tərəfdarı olduğumu bildirirəm. Diqqətinizə görə sağ olun.
Azərbaycan  Respublikası  Milli  Məclisi  Sədrinin
birinci  müavini  Z. Əsgərov  sədrlik  edir

Sədrlik edən. Sağ olun. Məjlum Şükürov.
M. Şükürov. Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli millət vəkilləri! Büdcə zərfinin müzakirəsində ilk dəfə iştirak etdiyim üçün müəyyən təcrübə qazanmaq məqsədi ilə mən 7-8 il öncə bu zalda keçirilən büdcə müzakirələrinin stenoqrafik hesabatlarına baxdım. Həqiqət müqayisəli təhlil zamanı ortaya çıxır. Həmin dövrdə müzakirə olunan büdcə layihəsi ilə indiki büdcə layihəsi arasında çox kəskin, mən deyərdim ki, bir uçurum qədər fərq müşahidə olunur. Əlbəttə, bu, izaholunandır. Həmin dövrdə ölkə qarşısında duran problemlər indiki problemlərdən qat-qat çox idi. Təqdim olunan vəsait isə indiki vəsait ilə heç müqayisəyə gəlmir. Belə bir qısa zaman kəsiyində ölkədə, demək olar ki, mümkün olmayanın da reallığa çevrildiyini biz gördük. Ona görə də mən o dövrlə müqayisədə dövlət büdcəsi layihəsinin bu cür rahat müzakirələrinin iştirakçısı olduğum üçün ölkədə qısa bir müddətdə belə bir uğurlu iqtisadi sistemin qurulmasının səbəbkarını, banisini bir daha xatırlatmaq və ulu öndərimizin ruhu qarşısında bir daha baş əymək və sonra bu iqtisadi inkişafın uğurlu davamını təmin edən ölkə rəhbərinə və ümumiyyətlə, bu iqtisadi artıma səbəb olmuş hər bir kəsə təşəkkür etmək istəyirəm.
Bu, illik büdcə zərfi bəs necə formalaşmalıdır? Mənə elə gəlir ki, bu müzakirələrdə əsas bir neçə mühüm istiqamət diqqət mərkəzində olmalıdır. Belə bir aforizm var, deyirlər, pulu qazanmaq asandır, xərcləmək çətin. Mən bu büdcə zərfinin materiallarını təhlil edərkən hökumət tərəfindən məhz belə bir yanaşmanın olduğunu, bu büdcə zərfində ölkənin daha sürətli iqtisadi yüksəlişinin və eyni zamanda, makroiqtisadi sabitliyi qorumağın ən vacib məqam olduğunu müşahidə etdim. Əlbəttə, ölkənin makroiqtisadi sabitliyi nəyin hesabına olursa-olsun qorunmalıdır.
Bu büdcə, əlbəttə, elə formalaşmalıdır ki, işğal olunmuş torpaqlarımızın azad olunmasına xidmət etsin. Bu gün ölkə qarşısında işğal olunmuş torpaqların azad olunması problemi durduğu bir dövrdə, məncə, büdcə məhz buna xidmət etməlidir. Büdcədə 1 milyard manata yaxın vəsaitin bu istiqamətə ayrılması buna bir daha dəlalət edir. İstər hərbi yolla, istərsə də sülh yolu ilə torpaqların azad olunması məsələsi düşmənlərimizi və onların dünyada havadarlarını yalnız və yalnız bir həqiqətə inandırmaqdan keçir ki, Azərbaycan xalqı, Azərbaycan dövləti heç də öz torpaqlarının düşmən tapdağında olması ilə razılaşmayacaq və işğal olunmuş ərazilərin geri qaytarılması üçün bütün vasitələrdən istifadə edəcək. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, büdcədə bu mühüm amilə böyük əhəmiyyət verilmişdir.
Büdcədə bir mühüm tendensiya da hiss olunur. Yəni bu büdcə xalqımızın XXI əsrə layiq, neft ölkəsinə layiq yaşayış tərzinin tədricən təmin olunmasına istiqamətləndirilmişdir. Büdcədə 2 milyard manata yaxın vəsaitin məhz sosial istiqamətə ayrılması dövlətimizin 2007-ci ildə və gələcək illərdə də bu tendensiyanı davam etdirmək əzmində olduğunu göstərir.

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir

Büdcədə bir mühüm amil də regionların sosial-iqtisadi inkişaf prosesinin sürətləndirilməsi ilə bağlıdır. Yəqin, razılaşarsınız ki, xüsusən bölgələrdə yaşayanlar bir neçə il əvvəl Bakıya gələndə paytaxtda hər həftə, hər ay baş verən dəyişiklikləri görüb böyük sevinc, qürur hissi keçirirdilərsə, öz kiçik vətəninə – rayonuna qayıdanda bu dəyişikliklərin o dərəcədə hiss olunmamasından məyusluq hissi keçirirdilər. 2004-cü ildə ölkə rəhbərliyi tərəfindən qəbul olunmuş Regionların sosial-iqtisadi inkişaf proqramı məhz regionlarda belə bir inkişafa rəvac verdi. Bir çox regionlarımızda, rayonlarımızda artıq bu nöqteyi-nəzərdən rəqabət yönümlü sosial-iqtisadi inkişafa meyli biz hiss etməkdəyik.
Lakin bu gün başqa bir tendensiya hiss olunur. Artıq həmin rayonların kənd yerlərindən rayon mərkəzlərinə gələn insanlar belə hissləri keçirirlər. Rayon mərkəzində çox böyük dəyişiklikləri görüb kəndə qayıdanda bu dəyişiklikləri hiss etmirlər. Bu nöqteyi-nəzərdən mən hesab edirəm ki, artıq kəndlərdə də belə yeniliklərin zamanı gəlib çatmışdır.
Regionların sosial-iqtisadi inkişafını sürətləndirmək nöqteyi-nəzərindən büdcədə mühüm vəsait nəzərdə tutulmuşdur. Lakin burada bir problemi mən qeyd etmək istəyirəm. Bizim bölgəmizə cənab Prezident son dövrlərdə iki dəfə səfər etmiş və 2004-cü ildə qəbul olunmuş həmin proqramdan başqa bizim bölgə üçün əlavə tədbirlər proqramı qəbul edilmişdir. Bu əlavə tədbirlərin həyata keçirilməsi üçün büdcədən əlavə vəsait ayrılmışdır. Amma mənə elə gəlir ki, bu gün həmin vəsaitdən və təklif olunan xammaldan istifadə edib regionlarda rayonun kənd yollarının təmiri, rayonun qazlaşdırılması kimi işləri həyata keçirmək üçün Azəravtoyol və Azəriqaz cəmiyyətlərinin potensialı kifayət dərəcədə deyildir. Mən təklif edərdim ki, bu mühüm proqramın həyata keçirilməsi ilə məşğul olan həmin qurumların potensialını artırmaq üçün büdcədən əlavə vəsait ayrılsın.
Büdcə layihəsində bir tendensiya da hiss olunur ki, bu da qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirilməsidir. Bu, əlbəttə, sevindirici haldır. Lakin bir şey məni narahat edir. Bu yaxınlarda Statistika Komitəsi ölkənin 9 aylıq inkişaf yekunlarını elan etdi. Bu yekunlarda müəyyən dərəcədə təəccüb ediləcək bir məlumat vardı. O da kənd təsərrüfatı sahəsində inkişafın keçən illə müqayisədə 1 faiz geridə qalması idi. Mən, ümumiyyətlə, bəzi şəxslərin Milli Məclisdə bunu siyasi diskussiya müstəvisinə çıxarmasının tamamilə əleyhinəyəm. Digər tərəfdən, bəzi məmurların “bu sahədə heç bir problem yoxdur” mövqeyi ilə də razılaşmaq olmaz. Mənə elə gəlir ki, bu məlumatların ciddi təhlili üçün bu gün ən yaxşı vaxtdır. Belə ki, kənd təsərrüfatının ölkənin ümumi iqtisadi inkişaf tempinə uyğun səviyyədə inkişafı üçün məhz bu gün, büdcənin qəbulu dövründə tədbirlər görülməlidir. Mənə elə gəlir ki, bu istiqamətdə təkcə dövlət qurumları yox, Milli Məclis də öz rolunu oynamalıdır.
İqtisadiyyatın bəzi sahələrinin dövlət tərəfindən tənzimlənməsinə xüsusi ehtiyac var. Ona görə mən hesab edirəm ki, Milli Məclisdə aqrar sahənin dövlət tərəfindən tənzimlənməsi ilə bağlı qanun layihəsinin qəbul olunmasına rəvac vermək lazımdır. Qərbdə belə bir deyim var: “Roma papasından çox xristian olmaq olmaz”. Yəni bazar iqtisadiyyatının beşiyi olan ölkələrdə də elə iqtisadi sahələr var ki, dövlət tərəfindən tənzimlənir. Bu nöqteyi-nəzərdən, mən hesab edirəm ki, aqrar sahənin dövlət tərəfindən tənzimlənməsinə mütləq rəvac verilməlidir.
Mən, ümumiyyətlə, büdcə layihəsini çox müsbət qiymətləndirir və öz həmkarlarımı bu layihənin təsdiq olunmasına səs verməyə çağırıram. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Hörmətli millət vəkilləri! Dünən 10 nəfər, bu gün 19 nəfər çıxış edib. Hələ siyahımızda 31 millət vəkili qalıb. Sabah, yəqin, elə bu siyahı üzrə çıxışlar olacaq. Sağ olun.

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi