2006-ci il 12 may tarixli iclasın stenoqramı

ÜÇÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
III  SESSİYASI  İCLASININ
    
PROTOKOLU  №  17

Milli  Məclisin  iclas  salonu.
12  may  2006-cı  il.  Saat  12.

Milli  Məclisin  Sədri
O. Əsədov  sədrlik  etmişdir


İclasda Milli Məclisin 103 deputatı iştirak etmişdir.

İclasa dəvət olunmuşlar:

Q. Qurbanov, Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi.
N. Ağamalıyev, Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası rəisinin müavini.

* * *

S. Kərimov, Azərbaycan Respublikası səhiyyə nazirinin müavini.
İ. Kazımov, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Onkoloji Elmi Mərkəzi klinikasının baş həkimi.
Ş. Baxşəliyeva, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin şöbə müdiri.
R. Cəfərov, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Onkoloji Elmi Mərkəzi Baş direktorunun elmi işlər üzrə müavini.
R. Zeynalov, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Onkoloji Elmi Mərkəzinin şöbə müdiri.
T. Bəbirov, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin şöbə müdirinin müavini.
 
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Fitosanitar nəzarəti haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).
2. “Beynəlxalq dəniz gəmiçiliyinin asanlaşdırılması haqqında” Konvensiyaya qoşulmaq barəsində.
3. "Xilasetmə haqqında” Beynəlxalq Konvensiyaya qoşulmaq barəsində.
4. “Dənizçilərin şəxsiyyət sənədləri haqqında” 185 nömrəli Konvensiyaya (dəyişdirilmiş) qoşulmaq barəsində.
5. Beynəlxalq cinayətlərə görə məsuliyyət müəyyən edən qanunun qüvvəsinin geriyə şamil olunması haqqında Azərbaycan Respublikasının Konstitusiya qanununun layihəsi barədə (birinci səsvermə).
6. Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinə dəyişikliklər edilməsi haqqında.
7. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişiklik edilməsi barədə.
8. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə.
9. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi barədə.
10. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə.
11. Onkoloji yardım haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).
12. İnzibati ərazi vahidləri arasında ərazi məsələləri üzrə mübahisələrə baxılması üçün yaradılan xüsusi komissiyalar haqqında əsasnamənin layihəsi barədə.
13. Azərbaycan Respublikasının ərazi vahidlərinin və inzibati ərazi dairələrinin dövlət reyestrinin aparılması və onlara şəhadətnamə verilməsi haqqında əsasnamənin layihəsi barədə.

İclasda qəbul edilmişdir:

1. “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanunu.
2. “Beynəlxalq dəniz gəmiçiliyinin asanlaşdırılması haqqında” Konvensiyaya qoşulmaq barəsində” Azərbaycan Respublikasının Qanunu.
3. "Xilasetmə haqqında” Beynəlxalq Konvensiyaya qoşulmaq barəsində” Azərbaycan Respublikasının Qanunu.
4. “Dənizçilərin şəxsiyyət sənədləri haqqında” 185 nömrəli Konvensiyaya (dəyişdirilmiş) qoşulmaq barəsində” Azərbaycan Respublikasının Qanunu.
5. “Beynəlxalq cinayətlərə görə məsuliyyət müəyyən edən qanunun qüvvəsinin geriyə şamil olunması haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu (birinci səsvermədə).
6. “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
7. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
8. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
9. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
10. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
11. Onkoloji yardım haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuşda).
12. İnzibati ərazi vahidləri arasında ərazi məsələləri üzrə mübahisələrə baxılması üçün yaradılan xüsusi komissiyalar haqqında əsasnamənin layihəsi (birinci oxunuşda).
13. Azərbaycan Respublikasının ərazi vahidlərinin və inzibati ərazi dairələrinin dövlət reyestrinin aparılması və onlara şəhadətnamə verilməsi haqqında əsasnamənin layihəsi (birinci oxunuşda).


Azərbaycan  Respublikası
Milli  Məclisinin  Sədri                                   O. ƏSƏDOV
 

 

MİLLİ  MƏCLİSİN  İCLASI

12  may  2006-cı  il.  Saat  12.

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir

Sədrlik edən. Sabahınız xeyir, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.

Qeydiyyat (saat 12.02 dəq.)
İştirak edir 95
Yetərsay 83

Çox sağ olun. Yetərsay var, iclasa başlaya bilərik. Bugünkü iclasın gündəliyi sizə paylanıb. Xahiş edirəm, gündəliyə münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 12.03 dəq.)
Lehinə 89
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 3
İştirak edir 93
Nəticə: qəbul edildi

Çox sağ olun, gündəlik təsdiq olundu. Gündəliyin müzakirəsinə keçirik. Buyurun, İqbal Ağazadə.
İ. Ağazadə. Çox sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Mən keçən iclasların birində Gürcüstanda yaşayan soydaşlarımızın hüquqları və orada onlara qarşı aparılan siyasətlə bağlı məsələ qaldırmışdım və təklif etmişdim ki, Gürcüstan-Azərbaycan parlamentlərarası işçi qrupu yaradılsın, bu problemlərin həll olunması istiqamətində danışıqlar aparılsın. Çox təəssüflər olsun ki, bu məsələ hələlik həllini tapmayıb və bu gün də Gürcüstanda yaşayan soydaşlarımızın hüquqlarının pozulması ilə bağlı bizə çox ciddi məlumatlar gəlir.
Mən bir sənəd əldə etmişəm. Bu, Gürcüstan Əks-Kəşfiyyat Departamentinin Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə ekspertinin Gürcüstanın təhlükəsizlik nazirinə yazdığı məktubdur. Orada yazılır: “Hazırladığımız plana görə, separatçı yönümlü, nüfuzlu azərbaycanlılar neytrallaşdırılmalı və diskreditasiya olunmalıdır. Regionda qeyri-formal silahlı tabor bərpa olunmalıdır ki, onlar yerli azərbaycanlıların gözünü qorxuda bilsinlər. Nüfuzlu və aktiv azərbaycanlılara qarşı mübarizə aparmaq üçün analoji azərbaycanlı cəmiyyəti yaradılmalıdır. “Qeyrət” hərəkatının liderləri Zümrüd Qurbanovun, Əlibala Əsgərovun, ləqəbi “Molla Qara” olan Pələngovun və digər liderlərin zərərsizləşdirilməsi üçün yerli dostlarımızdan istifadə edilməsini vacib bilirik” və sair.
Burada adı göstərilən “Molla Qara” ləqəbli Pələngov uzun müddətdir ki, xüsusi xidmət orqanları tərəfindən oğurlanıb və onun öldü-qaldısı haqqında heç bir məlumat yoxdur. Mən hesab edirəm ki, bu məsələ bu gün də aktualdır. Hörmətli Sədr, mən bu sənədi Sizə təqdim edəcəyəm. Bu, gürcü dilində yazılmış, nömrələnmiş və şifrələnmiş bir sənəddir. Bu sənəd, təbii ki, Azərbaycan-Gürcüstan parlamentlərarası işçi qrupunda və ya ayrıca bir qrupda ciddi şəkildə müzakirə olunmalıdır. Bu məsələnin üzərinə ciddi şəkildə getməliyik ki, orada yaşayan soydaşlarımızın hüquqlarını bərpa eləyə bilək.
İkinci məsələ ilə bağlı da qısaca vaxtınızı almaq istəyirəm. Bilirsiniz ki, Bakıda çoxsaylı tikinti işləri gedir. Şəhərdə tıxac problemi ilə əlaqədar olaraq ağır tonnajlı maşınların gündüz saatlarında hərəkəti məhdudlaşdırılıb. Bu da nəticə etibarı ilə gecə tikintilərin davam etməsinə səbəb olur. Burada iki fakt ciddi şəkildə nəzərə alınmalıdır. Əvvəla, tikintidə çalışan fəhlələrin hüquqları pozulur. Bilirsiniz ki, gündüz saatlarında çalışan fəhlələrin hamısına bir tarif üzrə əmək haqqı ödənilir. Amma qeyri-iş vaxtlarında onların işləməsi fəhlələrə əlavə maaşın verilməsi ilə sonunclanmalıdır. Bir tikə çörəyə möhtac olan insanlar, təbii ki, bu prosesə qarşı getmirlər. Hündür binalarda gecə aparılan iş prosesi ağır xəsarət alanların sayını artırır.
Sədrlik edən. Bu əlavə söhbətlərə ehtiyac yoxdur. Siz iki sual qaldırdınız. Birinci, dediyiniz sənədi verərsiniz, baxarıq. Bəlkə bu, təxribat xarakterli bir sənəddir. Ona görə bu sənəd diqqətlə araşdırılmalı və məsələ aydınlaşdırılmalıdır.
İkinci sualınız gecə aparılan tikinti işləri ilə bağlı idi. Bildiyiniz kimi, həqiqətən, şəhərdə tıxaclar var idi. Cənab Prezident bununla bağlı böyük bir müşavirə keçirdi. Tıxacların aradan qaldırılması üçün artıq şəhərin 7 yerində körpülərin tikintisinə başlanılıb. 2007-ci ilə qədər bu körpülərin tikintisi başa çatacaqdır.
Gecə növbəsində aparılan iş prosesinə gəldikdə isə nəzərinizə çatdırım ki, bu iş müqavilə əsasında həyata keçirilir. İşçilərlə müqavilə bağlanılır, əmək haqqı təyin olunur. Bu həm işə götürən, həm də işə girənə aid məsələlərdir. Biz buna müdaxilə eləyə bilmərik. İndiki dövrdə bütün podratçı təşkilatlar yalnız müqavilə yolu ilə fəhlə tuturlar. Fazil Mustafayev.
F. Mustafayev. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Bugünkü gündəlikdə bizə təqdim olunan məsələlərə, təbii ki, müsbət münasibət bildirəcəyik. Amma mən hesab edirəm ki, bu gün Milli Məclisdə daha aktual bir məsələnin müzakirəsinə və bununla bağlı konkret tədbir görülməsinə ehtiyac vardır. Fransa Respublikasının Senatında erməni soyqırımının tanınmamasının cinayət faktı kimi qiymətləndirilməsi, bizdə və ümumiyyətlə, bütün türk dünyasında çox ciddi narahatlıq doğurur.
Xocalı soyqırımında, başqa məsələlərdə Türkiyədən, başqa ölkələrdən ciddi dəstək umuruq, bəzən də giley edirik. Bu gün qondarma “erməni soyqırımı” ilə bağlı Türkiyəyə qarşı qaldırılan məsələ həm də Azərbaycana qarşı qaldırılıb. Bəlkə də biz bunu ciddi qəbul eləmirik. Amma mən əminəm ki, yaxın gələcəkdə, hətta Fransa Respublikasının Senatında sosialist partiyası, ya da başqa bir partiya Dağlıq Qarabağın Azərbaycan ərazisi kimi tanınmasının cinayət faktı kimi qəbul edilməsi barədə də belə bir qərar qəbul eləyə bilər. Ona görə də biz Türkiyəni hər hansı bir şəkildə bu məsələdə tək qoymamalıyıq.
Mən düşünürəm ki, bu gün Milli Məclisdə bir işçi qrupu yaradıb, dünya parlamentlərinə müraciət hazırlamalıyıq. Bildiyiniz kimi, artıq Avropanın bir çox ölkələrində erməni soyqırımını tanıyır və bunu hətta yəhudi soyqırımı ilə bərabərləşdirmək istəyirlər. Halbuki bunların arasında heç bir əlaqə yoxdur. Mən təklif edirəm ki, Milli Məclis bu gün işçi qrupu yaratsın və biz dünya parlamentlərinə Milli Məclisin adından müraciət göndərək, Fransanın bu qərarının, ümumiyyətlə, siyasi qərar olduğunu, erməni təəssübkeşliyindən və türk düşmənçiliyindən irəli gəldiyini onların diqqətinə çatdıraq və etirazımızı bildirək.
Digər tərəfdən, yaranmış fürsətdən istifadə edərək biz Minsk qrupunda dəngələri dəyişmək üçün Fransa təmsilçiliyindən imtina olunması, yaxud Fransa təmsilçiliyinin oradan yığışdırılması üçün müəyyən addımlar ata bilərik. Hesab edirəm ki, biz Minsk qrupunda 3 həmsədrin, demək olar ki, üçünün də Qarabağ məsələsində mövqelərinin Azərbaycanın əleyhinə olduğunu nəzərə alaraq, heç olmasa, Fransanın nümayəndəsinin başqa Avropa ölkələrinin nümayəndəsi ilə əvəz olunmasına nail ola bilərik. Əgər Milli Məclis bu gün razılıq verərsə, biz işçi qrupunun tərkibində Fransa hökumətinin bu addımını pisləyən müraciətin hazırlanmasında iştirak eləyə bilərik. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Asim Mollazadə.
A. Mollazadə. Çox sağ olun. Cənab Sədr, hörmətli millət vəkilləri! Bu yaxınlarda Prezidentin sərəncamı ilə şəhid və milli qəhrəmanların ailələrinə müəyyən qədər müavinət ayrılıb. Düşünürəm ki, bu, iki istiqamətdə çox düzgün addımdır. Birincisi, mən bunu humanist bir addım kimi qiymətləndirirəm. İkincisi, bu həm də hər bir Azərbaycan əsgərində və zabitində vətənpərvərlik ruhunu artırmağa yönəlmiş bir addımdır. Lakin mənə şəhid ailələri tərəfindən müraciət ünvanlanıb. Çox istərdim ki, şəhid ailələrinə müvafiq müavinətin nəzərdə tutulması üçün bizim parlamentin də müəyyən addımı olsun.
Hörmətli Sədr, mən çox xahiş edirəm, bizim müvafiq komissiyalarımız bu istiqamətdə sənədi hazırlasın və müzakirəyə çıxarsınlar. Bilirsiniz ki, büdcəyə müəyyən əlavələr olacaqdır. Neftin qiymətinin artması ilə Azərbaycan dövlətinin gəlirləri artacaqdır. Düşünürəm ki, büdcənin bu artımını ilk növbədə məqsədyönlü şəkildə şəhid ailələrinə ünvanlamalıyıq, çünki hər bir Azərbaycan əsgərinin dayağı olan dövlət şəhid ailələri barəsində xüsusi olaraq düşünməlidir. Biz hər bir imkandan, dövlətin artan iqtisadi imkanlarından istifadə edərək bu ailələrə kömək eləməliyik.
Təəssüflə bildirirəm ki, bu təşkilatlar yerli icra strukturlarından çox şikayətlənirlər. Onlara qarşı laqeyd münasibət, mənə elə gəlir ki, Azərbaycan dövlətini gözdən salır. Bu istiqamətdə parlamentin müəyyən qədər icra strukturları üzərində nəzarəti olmalıdır. Prezidentin təşəbbüsünü inkişaf etdirmək üçün mən çox istərdim ki, bizim parlament bu istiqamətdə müəyyən sənədləri hazırlasın və bu müavinətləri şəhid ailələrinə ünvanlamaq üçün qərar qəbul eləsin. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Hörmətli Sədr, hörmətli millət vəkilləri və media nümayəndələri! Mən çıxışımı bir məsələyə münasibətimi bildirməklə başlamaq istəyirəm. Oqtay müəllim, onsuz da müxalifətdən olan parlament üzvləri parlamentin hər hansı bir rəhbərliyində təmsil olunmur. Yəni onlar sanki parlamentdə ikinci dərəcəli funksiya yerinə yetirirlər. Amma müsbət hal idi ki, bu dəfə NATO-nun Parlament Assambleyasına gedəcək heyətin tərkibinə məni də salmışdılar. Avropa Şurasında tələb edirdilər ki, tərkibdə mütləq müxalifətdən nümayəndə olmalıdır. Mən bu gün öyrəndim ki, məni NATO Parlament Assambleyasının bu ayın sonunda Parisdə keçiriləcək iclasına salmayıblar. Cəmi 5 nəfər üzvdür, Prezident də iştirak edir. Əslində, orada tam tərkibdə iştirak eləməliyik. Mən bilmək istəyirəm ki, bu ayrı- seçkilik nə ilə bağlıdır? Mən Ziyafət müəllimə müraciət elədim, o mənə bildirdi ki, guya biz fevral ayında NATO-da olmuşuq. O tamamilə başqa tədbir idi, Parlament Assambleyasına aidiyyəti yox idi. Biz Türkiyə səfiri tərəfindən ora dəvət olunmuşduq və bu, NATO-nun Baş Qərargahı ilə tanışlıq xarakteri daşıyırdı. Ona görə də mən xahiş edirəm, burada elan olunsun ki, mənim yerimə kimi salıblar. Bu da dostluqla, tanışlıqladırmı? Bu ayrı-seçkilik nə ilə bağlıdır? Ona görə xahiş edirəm, bu məsələyə aydınlıq gətirilsin.
İkinci məsələ. Oqtay müəllim, sessiyanın başa çatmasına iki həftə vaxt qalır. Neftin qiyməti qalxıb. Biz bununla əlaqədar mütləq büdcəyə yenidən baxmalıyıq. Bundan əlavə, təklif edirəm ki, xarici neft şirkətləri ilə bağlanmış müqavilələrə də yenidən baxılmalıdır. Artıq Amerika Birləşmiş Ştatlarında məsələ qaldırılıb ki, neftin qiymətinin qalxmasına görə neft şirkətlərinə əlavə vergilər tətbiq olunsun. Biz xarici neft şirkətləri ilə güzəştli neft kontraktları bağlamışıq. O vaxt ümidlərimiz var idi ki, neft şirkətləri dünyanın ayrı-ayrı super güclərinin prezidentlərini hakimiyyətə gətirmək gücündədirlər. Amma səmimi etiraf eləyək ki, bunların dünyada, Avropada kifayət qədər lobbilərinin olmasına baxmayaraq, Dağlıq Qarabağ probleminin həllində Azərbaycana heç bir ciddi dəstək vermədilər. Amma bunun müqabilində mən deyərdim, onlar Azərbaycandan milyardlarla dollar gəlir götürəcəklər. Ona görə də kontraktlarla bağlı məsələni bütün sivil dünyada olduğu kimi, biz də Milli Məclisin gündəliyinə salmalıyıq, neft şirkətlərinə əlavə gəlirlər müəyyənləşdirməliyik. Növbəti sessiya oktyabr ayının 1-də başlayacaq. Bundan sonra büdcəyə dəyişiklik eləsək də, əhəmiyyəti olmayacaq. Mən hesab edirəm ki, büdcəyə müəyyən əlavə və dəyişikliklər olunmalı, aztəminatlı ailələrə yardımlar artırılmalıdır. Bu məsələ parlamentin müzakirəsinə çıxarılmalıdır. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun, Qüdrət müəllim. Qaldırdığınız birinci məsələ ilə bağlı deyim ki, burada heç bir ayrı-seçkilik yoxdur. Bu məsələyə iclasdan sonra baxa bilərik. Bunlar sizin tərəfinizdən təsdiq olunmuş qruplardır, iclaslarda da iştirak eləyirlər. Amma biz yenə baxarıq, aydınlaşdırarıq. Keçən dəfə mən Sizdən xahiş elədim ki, gündəliyə təkliflər olanda, heç olmasa, yazılı surətdə komissiyaya göndərin, baxaq. İki həftədən artıq idi ki, Milli Məclisin iclası keçirilmirdi. Burada iştirak eləyən millət vəkili tərəfindən bir məsələ belə komissiyalara göndərilməyib. Biz gözləyirik ki, iclas günü hər hansı bir təklif verək. Çətin bir şeydir, bu təklifi iki həftə qabaq verərdiniz, biz də baxardıq, indi cavabı da olardı. Gündəliyə aid fikir, təklif olanda, heç olmasa, bunu bir həftə qabaq verin ki, komissiyalar buna baxa bilsinlər. Buyurun, Pənah Hüseyn.
P. Hüseyn. Hörmətli Sədr, mən bir neçə dəfə komissiyaların iclasında iştirak eləmək üçün təşəbbüs göstərmişəm. Təəssüf ki, bu iclasların nə vaxt, necə keçirilməsi haqqında heç bir məlumat əldə eləmək mümkün deyil. Mən xahiş edirəm, bu məsələdə qayda-qanun yaradılsın ki, biz həmin komissiyalarda məşvərətçi səs hüququ ilə iştirak etmək hüququmuzdan istifadə edək.
İkincisi, dəfələrlə burada amnistiya ilə bağlı məsələlər qaldırılıb. Amma konkret nəticə hər halda yaxın dövrdə görünmür. Özümün də məhkum olduğum 2003-cü il 16 oktyabr hadisələrinə görə həbs olunmuş, müxtəlif dərəcələrdə azadlıq hüququndan məhrum edilmiş və ya şərti həbs olunmuş şəxslərin məsələsini burada qaldırıram. Xahiş edirəm ki, Milli Məclisin rəhbərliyi öz imkanlarından istifadə eləsin və dövlətin digər əlaqədar təşkilatları da bu məsələni nəzərə alsın. Təxminən 150-yə qədər insan bu günə qədər şərti məhkum olunaraq və ya azadlığı məhdudlaşdırılaraq bir sıra vətəndaş hüquqlarından istifadə eləyə bilmir. Ölkəni tərk eləyə bilmir, iqtisadi fəaliyyət göstərə bilmir və sair. Necə ola bilər ki, həmin hadisələrin guya təşkilatçısı olan bizlər, məsələn, mən 5 il həbs cəzasına məhkum olunmuşam, sonradan əfv olunaraq azad olunmuşam, hətta məhkumluq da üzərimdən götürülüb və bu gün hətta mənim deputat olmağıma da şərait yaradılıb, amma sıravi üzvlərin, əslində, heç bir günahı olmayan şəxslərin mütləq əksəriyyəti bu gün belə bir məhdudiyyətlə üzləşirlər?
Yeri gəlmişkən, bu gün mən bir daha amnistiya məsələsinə qayıdıram. Adətən, müxalifət olaraq belə məsələlərə toxunmaq istəmirik ki, siyasi xarakter almasın. Mən çox istəyirəm, amnistiya olacaqsa, olsun. Bunun xüsusi olaraq bizim tərəfimizdən səsləndirilməsinin, əslində, məsələyə bir ziyanı gəlir, amma hər halda bunu deməyə məcburam, çünki anormal situasiya yaranıb. Mənim olduğum cəzaçəkmə müəssisəsində 90-cı illərdə yanacaq məsələsinə görə həbs olunmuş onlarca adam yatırdı, amma cinayət qrupunun başçısı kimi adı çəkilən şəxs əfv olunmuşdu. Onlarca, hətta mənim məlumatıma görə yüzlərcə şəxs bu gün də cəzaçəkmə müəssisəsində qalmaqda davam edir.
Nəhayət, Avropa Şurası Parlament Assambleyasının növbəti iclası yaxınlaşır. Mən xahiş edirəm ki, Azərbaycanda seçkilər məsələsinin bir daha müzakirə olunmasını nəzərə alaraq bu seçki məsələsini nəzarətə götürəsiniz və Milli Məclisin həm rəhbərliyi, həm də deputatları bu məsələdə ciddi monitorinq keçirilməsində iştirak eləsinlər. Mən bəyan edirəm ki, bizim özümüzün, ümumiyyətlə, parlamentin işində bugünkü iştirakımız sabah seçkilərin nəticəsindən asılı olacaqdır. Sağ olun.
Sədrlik edən. Sağ olun. Pənah bəy, axırda yenə ultimatum olmalıdır? Parlamentdə iştirakınızın sabahkı seçkilərdən asılı olacağını deyirsiniz. 10 dairədə normal seçki keçiriləcəkdir. Biz də onun tərəfdarıyıq ki, seçkilər azad, şəffaf, ədalətli keçirilsin, hər şey işin xeyrinə, qanuni olsun.
Komissiyaların iclaslarında iştirakla bağlı danışdınız. Komissiyaların iclaslarının vaxtı gizli şriftlərlə verilir ki? Hansı komissiya sədri iclasın gününü deməyib? Hamısından da xahiş edirəm, istənilən deputatımız məşvərətçi səslə komissiyanın iclasında iştirak eləyə bilər.
Keçən dəfə amnistiya barədə sual verdiniz. Vaxtı aparmamaq üçün konkret olaraq deyim ki, cavab hazırlayıblar, Sizə təqdim edəcəklər. Əfv fərmanı ilə amnistiyanın fərqi çox böyükdür. Amnistiyanın üzərində işləmək lazımdır. Təklif verilib, işləyiblər, baxacaqsınız. Cəmil Həsənli.
C. Həsənli. Çox hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, mətbuat nümayəndələri! Bizim gündəliyimizdə 13 məsələ var, ümid edirəm ki, parlament iki iclas ərzində səmərəli şəkildə bu məsələləri müzakirə edəcək və müvafiq qərarlar qəbul edəcəkdir. Eyni zamanda, bildirmək istəyirəm ki, son zamanlar millət vəkilləri tərəfindən icra strukturlarına verilən sorğulara diqqətlə yanaşılır. Mən bunu öz nümunəmdə demək istəyirəm. İstər Nizami, istərsə də Nərimanov rayonlarının rəhbərliyinə edilən müraciətlərə diqqətlə yanaşılır və hər iki rayonun ərazisində xeyli dərəcədə abadlıq işləri görülür. Bunu təqdir etmək, qiymətləndirmək lazımdır.
İkinci, cənab Sədr, mən hesab edirəm ki, Sizin təklifiniz təqdirəlayiqdir, məsələlərin komissiyalar vasitəsi ilə gündəliyə çıxarılması müsbət bir ənənənin başlanğıcını qoya, həm də qaldırılan məsələlərə ənənəvi xarakter verə bilər.
Bununla bərabər, mən cəmiyyətimizdə ciddi narahatlıq doğuran bir məsələni parlamentin qarşıdakı iclaslarının birinə təklif edirəm. Cənab Sədr, ümid edirəm ki, Siz öz nüfuzunuzdan istifadə edib, bu məsələnin həll olunmasına təsir göstərəcəksiniz. Bu, vətəndaşların pensiya təminatı ilə bağlıdır. Məlum olduğu kimi, cənab Prezidentin işləyən pensiyaçıların pensiyalarının 100 faiz ödənilməsi barədə sərəncamı oldu. Hesab edirəm ki, bu, çox ciddi bir sənəddir. Amma sənədin yerinə yetirilməsində müəyyən qüsurlar var. Vətəndaşlarımız ümid edirdilər ki, artırılan məbləği ala biləcəklər. Amma bu gün elə bir sistem yaradılıb ki, həmin 50 faizin, demək olar ki, 45 faizi sosial fonda gedir, ən yaxşı halda 5-10 faizi vətəndaşların əlinə çatır.
Oqtay müəllim, mən hamının vəziyyətinin yaxşılaşdırılmasının tərəfdarıyam. Amma bu gün bizim pensiya sisteminə diqqət yetirsək, görərik ki, 40 ilin professoru ilə bir gün belə işləməyən vətəndaşın pensiyası arasında heç bir fərq yoxdur. Hər ikisi 150 min manat alır və bu da vətəndaşların keçmiş iş təcrübəsinə münasibətdə ciddi problemlər yaradır. Onlarca elmlər doktoru, professor mənə müraciət edib və xahiş edib ki, bu məsələyə aydınlıq gətirilsin. Prezidentin sərəncamı camaatda xoş əhvali-ruhiyyə yaratsa da, onun yerinə yetirilmə mexanizmi elə də yaxşı vəziyyət yaratmır. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Cəmil müəllim, ancaq Pensiya Fonduna gedən pul həmin vətəndaşın özünə gedir. Qalan məsələləri də araşdırarıq. Qənirə Paşayeva.
Q. Paşayeva. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən bir məsələyə diqqəti yönəltmək istəyirəm. Mayın 28-i gəlir, Azərbaycanın müstəqilliyinin 15 ili də tamam olacaq. Amma mayın 28-i həm də Azərbaycan Xalq Cümhuriyyətinin qurulması günü deməkdir. Biz ölkəmizə gələn hər bir xarici qonağa deyirik ki, Şərqdə ilk demokratik respublikanı, ilk xalq cümhuriyyətini biz qurmuşuq.
Mən hesab edirəm ki, indi təşkilatlardan bununla bağlı konkret cavablar almaq mümkün deyil. Cümhuriyyəti quranlara abidənin qoyulması və onların xatirəsinin əbədiləşdirilməsi üçün Prezidentin göstərişləri, sərəncamları olub. Amma hələlik bundan bir xəbər yoxdur. Mən xahiş edirəm, mayın 28-i gəldiyinə görə növbəti dəfə bu təşkilatları dəvət edək və onlardan bu məsələni soruşaq.
Digər deyəcəyim məsələ Təhsil haqqında qanunla bağlıdır. Son vaxtlar özəl təhsil müəssisələri, xüsusilə Müstəqil Azərbaycan Universiteti ətrafında yaranmış vəziyyəti hamınız bilirsiniz. Məlum oldu ki, xeyli sayda insanlar dövlətin elan etdiyi qəbuldan kənar universitetlərə daxil olub, hərbi xidmətdən yayınıblar. Ümumiyyətlə, bu sahədə ciddi problemlər var. Əgər Təhsil haqqında qanunu gündəliyə çıxarıb müzakirə etməsək, bu, sentyabra qalacaq, sentyabr ayı isə yeni dərs ilinin başlanğıcıdır. Mən hesab edirəm ki, biz Təhsil haqqında qanunu yaxın vaxtlarda müzakirəyə çıxarsaq, yaxşı olar.
Digər məsələ Tibbi sığorta haqqında qanunla bağlıdır. Prezident bu qanuna 2005-ci ilə qədər veto qoymuşdu. Bilirsiniz, biz parlamentdə səhiyyə ilə bağlı çox gözəl qanunlar qəbul edirik. Amma dünyanın təcrübəsi göstərir ki, səhiyyənin, tibbin ən böyük maliyyə mənbəyi tibbi sığortadır. Cənab Sədr, mən çox istərdim ki, Siz öz nüfuzunuzdan istifadə edərək bu qanuna yenidən baxılmasını diqqətdə saxlayasınız. Ötən gün Baş nazir cənab Artur Rasizadə dedi ki, neftin dünya bazarında qiymətinin artması ilə əlaqədar büdcənin gəlir və xərclər hissəsində artımlar gözlənilir.
Burada şəhid ailələri və müharibə əlilləri ilə bağlı çox gözəl bir təşəbbüs qaldırıldı. Bilirsiniz, ən böyük problem onlar üçün evlərin tikilməsi ilə bağlıdır. Bunlar rayon icra hakimiyyətlərinin üzərinə qoyulur. Rayon icra hakimiyyətlərinə məktublar yazıram, onlar isə cavab verirlər ki, bizim ehtiyatda bu qədər vəsaitimiz yoxdur. Cənab Prezident özü bu insanlara qayğı göstərir. Əgər büdcənin gəlir və xərclər hissəsində vəsait artırsa, biz bunu bu insanların həyatının yaxşılaşdırılmasına sərf edərik.
Sonda İqbal müəllimin Gürcüstanla bağlı fikirlərinə aydınlıq gətirmək istəyirəm. Mən Azərbaycan-Gürcüstan dostluq qrupuna rəhbərlik edirəm. Biz bu yaxınlarda Gürcüstanda idik, orada danışıqlar aparıldı. Amma mən istərdim ki, bu cür həssas məsələnin parlamentdə müzakirəyə çıxarılmasına geniş...
Sədrlik edən. Sağ olun, mən iki suala qısa şəkildə cavab vermək istəyirəm. Bilirsiniz ki, Azərbaycan Xalq Cümhuriyyətinə abidənin qoyulması haqqında qərar verildikdən sonra Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti müsabiqə elan eləmişdi. Ancaq müsabiqəyə təqdim edilmiş layihələrin heç biri bəyənilməyib, yenidən müsabiqə elan edilib.
O ki qaldı Təhsil haqqında qanuna, biz bu qanunun başına o qədər oyun açmışıq ki, indi bir gün ərzində onu ortaya çıxarmaq düzgün fikir deyil. Biz keçən iclasda dedik, Təhsil haqqında qanun layihəsinin üzərində bizim müvafiq komissiya işləyir. Fikirləşirəm ki, bu qanun layihəsini öncə ictimaiyyətin - müəllimlərin, alimlərin müzakirəsinə çıxarmalıyıq. Abel müəllimlə də bu barədə söhbət eləmişik. Bu qanun püxtələşmiş şəkildə Milli Məclisin müzakirəsinə çıxarılmalıdır. Şəmsəddin müəllim də bilir, bunun konsepsiyasını müəyyən eləməliyik. Bu qanunun üzərində elə işləməliyik ki, hər 3-4 aydan bir  ona dəyişikliklər eləməyək.
Bu, vacib qanundur, müzakirəyə çıxaracağıq, amma onun üzərində işləmək lazımdır. Dərs ilinin başlanmasından sonra da qəbul olunsa, elə bir günah olmaz, təki bu qanunu təkmil şəkildə, yüksək səviyyədə hazırlayaq. Çox sağ olun. İltizam Əkbərli.
İ. Əkbərli. Təşəkkür edirəm. Hörmətli sədarət, hörmətli deputatlar! Mən seçicilərimin xahişini nəzərə alaraq pambıqçılıq sahəsində yaranmış vəziyyəti nəzərinizə çatdırmaq istəyirəm. Bildirim ki, bizim regionun fermerləri, əsasən, pambıq və taxıl bitkilərinin becərilməsi üzrə ixtisaslaşıblar. On iki il müddətində bir sıra səbəblərdən, xüsusi ilə dizel yanacağının qiymətinin artması səbəbindən bu sahədəki vəziyyət son dərəcə ağırlaşmışdır. Mütəxəssislərin hesablamalarına görə 1 hektar taxılın əkilib, becərilib, satılması üçün 100 litr dizel yanacağı tələb olunur. 1 hektar yonca üçün bu rəqəm 150-200 litr olduğu halda, 1 hektar pambıq əkilməsi, becərilməsi, daşınması üçün 400 litrə çatır. Müqayisədən göründüyü kimi, bahalaşmadan ən çox ziyan çəkən məhz pambıqçılıq təsərrüfatları olmuşdur.
Keçən 4 ay müddətində vəziyyəti yaxşılaşdırmaq üçün pambıq istehsalı ilə məşğul olan fermerlərə güzəştli qiymətlərlə yanacaq veriləcəyi vəd edilsə də, bu vədə əməl edilmədi. Artıq daha çox yanacaq tələb edən işlər arxada qaldığından indiki mövsüm üçün istehsalçını düşündürən əsas məsələ həddən artıq aşağı olan satış qiymətləridir. Kiçik müqayisə aparmaq istəyirəm. 2003-2004-cü illərdə pambığın kiloqramının qiyməti 1700-1800 manat, dizel yanacağının 1 litri isə 450 manat olub. 2005-2006-cı illərdə pambığın qiyməti artmaq əvəzinə azalaraq 1500 manat olmuşdur. Xatırladım ki, dizel yanacağının qiyməti 450 manatdan artaraq 1800 manata çatdırılmışdır. Üstəlik də fermerlərlə bağlanmış müqaviləyə əsasən pambığı təhvil verən kəndliyə hər kiloqram üçün 400 manat avans verilir. Qalan məbləğ isə təsərrüfat ilinin sonunda, daha doğrusu, dekabr, yanvar və fevral aylarında ödənilir. Əgər fermer bu şərti pozaraq pulu nağd istəsə, müqaviləyə görə pambığın bir kiloqramının qiyməti bir az da aşağı endirilir, yəni hər kiloqram üçün cəmi 1300 manat ödənilir.
Diqqətinizi məhsulun maya dəyərinə yönəltmək istəyirəm. Keçən il 1 hektarın maya dəyəri köhnə manatla 2 milyon 400 manat olduğu halda, bu il bu rəqəm 2 milyon 900 min manata qədər yüksəlibdir. Orta məhsuldarlığı 20 sentnerlə hesablasaq, o, hər halda yığılan məhsula ancaq sərf edilən xərci ödəyir və fermer təsərrüfat ilini, demək olar ki, boş əllə yola verir. Məhz bunun nəticəsidir ki, təmsil etdiyim rayonda bu il pambıq əkini 30-35 faiz azalmışdır.
Cənab Sədr, hörmətli deputatlar, pambıqçılıq sahəsində yaranmış bu acınacaqlı vəziyyətin aradan qaldırılmasının yeganə yolu satış qiymətlərinin artırılmasıdır. Qiymət artırılmasa, şəxsən mən inanmıram ki, gələn il insanlar pambıq əksinlər. Bunun pambıqçılıq regionları üçün törədə biləcəyi fəsadları isə təsəvvür etmək o qədər də çətin deyildir. Mən ümid edirəm ki, parlamentin Aqrar siyasət daimi komissiyası, hörmətli Eldar müəllim pambıq istehsalı ilə məşğul olan fermerlərin bu ağır vəziyyətini nəzərə alacaqdır. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Vahid Əhmədova da söz verək və sonra gündəlikdə duran məsələlərin müzakirəsinə keçək. Buyurun.
V. Əhmədov. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Yadınıza gəlirsə, biz yaz sessiyasının iş planını təsdiq edəndə bura sovet vaxtından qalmış əmanətlərin qaytarılması ilə əlaqədar qanun layihəsini daxil etmişdik. May ayının axırında faktiki olaraq yaz sessiyası qurtarır, amma bu günə qədər bu qanun layihəsi gəlib çıxmayıb. Mən bir neçə dəfə Maliyyə Nazirliyi ilə əlaqə saxlamışam. Maliyyə Nazirliyi deyir ki, iki aydır, bu qanun layihəsi Prezidentin İcra Aparatının İqtisadi siyasət şöbəsindədir. Mən bilirəm ki, ikinci yarım ildə həmin əmanətlərin qaytarılması üçün büdcədə 40 milyon dollara yaxın vəsait nəzərdə tutulub. Cənab Prezident də bir neçə dəfə bu məsələyə müsbət münasibətini bildirib. Cənab Sədr, xahiş edərdim ki, Prezidentin İcra Aparatı ilə əlaqə yaradılsın, biz təcili olaraq bu qanun layihəsinə Milli Məclisdə baxaq və onu qəbul eləyək. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Gündəliyə keçirik. Gündəlikdə duran 1-ci məsələ Fitosanitar nəzarəti haqqında Azərbaycan Respublikası qanunu layihəsinin üçüncü oxunuşudur. Aqrar siyasət daimi komissiyasının sədri Eldar İbrahimova söz verilir.
E. İbrahimov, Milli Məclisin Aqrar siyasət daimi komissiyasının sədri.
Hörmətli Sədr, hörmətli deputatlar, hörmətli qonaqlar! Bildirmək istəyirəm ki, Fitosanitar nəzarəti haqqında Azərbaycan Respublikası qanunu layihəsinin Milli Məclisdə və Aqrar siyasət daimi komissiyasında müzakirəsi zamanı hörmətli deputat həmkarlarım Vidadi Məmmədov, Ərəstun Cavadov, Məjlum Şükürov, Azər Əmiraslanov və Milli Məclis sədrinin müavini hörmətli Valeh Ələsgərov tərəfindən layihə ilə əlaqədar bir çox rəy və təkliflər bildirilmişdir. Bu təkliflərə işçi qrupunda baxılmış və qanun layihəsi üçüncü oxunuşa hazırlanarkən onlar, əsasən, nəzərə alınmışdır. Qanun layihəsinin 14 maddəsində 30-dan artıq düzəliş aparılmış, layihəyə 5-ci və 25-ci 2 yeni maddə və bir yeni 1.4-cü müddəa əlavə edilmiş, 2-ci və 12-ci maddələr yenidən işlənmiş və IX fəsildə 3 maddə birləşdirilib 34-cü maddə kimi verilmişdir. Layihə dil və üslub baxımından bir daha redaktə edilərək xeyli təkmilləşdirilmişdir. Onu da diqqətinizə çatdırmaq istəyirəm ki, layihənin üçüncü oxunuş üçün hazırlanmış variantı Prezidentin İcra Aparatına göndərilmiş, müvafiq şöbələrdə baxılmış və onların da təklifləri nəzərə alınmışdır.
Hörmətli millət vəkili Ərəstun Cavadov Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin qanunvericilik sisteminin tərkib hissəsi olduğunu nəzərə alaraq layihənin ikinci oxunuş üçün olan variantında 34-cü maddənin 2-ci maddəyə birləşdirilməsini təklif etmişdir. Bu təklif nəzərə alınmışdır. Onun bir təklifi də layihənin IX fəslində 34, 35 və 36-cı maddələrin birləşdirilməsi ilə bağlı olmuşdur. Ümumiyyətlə, qanunvericilik təcrübəsində məsuliyyətlə əlaqədar bir maddə verilir. Digər tərəfdən, qeyd etməliyəm ki, İnzibati Xətalar Məcəlləsində pestisidlər və aqrokimyəvi maddələrlə bağlı bitki mühafizəsi və karantin qaydalarının pozulmasına görə məsuliyyət haqqında 12 maddə vardır. Ona görə də həmin təklif nəzərə alınaraq layihənin 35-ci maddəsində öz əksini tapmışdır.
Deputat həmkarım Azər Əmiraslanov qanun layihəsinin Ümumdünya Ticarət Təşkilatının Uruqvay raundu çərçivəsində qəbul etdiyi müqavilədəki fitosanitar tədbirlərini əhatə edən bir çox məsələlərə uyğunlaşdırılmasını təklif etmişdir. Biz layihənin ikinci oxunuş üçün olan variantında Beynəlxalq Bitki Karantini və Mühafizəsi Konvensiyasının, Ümumdünya Ticarət Təşkilatının Sanitar və fitosanitar tədbirlərin tətbiqi üzrə Sazişin tələblərini nəzərə almışıq. Azər müəllimin təklifinə əsasən layihənin üçüncü oxunuş üçün hazırlanmış variantında “Fitosanitar nəzarətinin əsas prinsipləri” adlı yeni 5-ci maddə əlavə edilmişdir.
Burada 6 əsas prinsip verilmişdir. “Azərbaycan Respublikasında fitosanitar nəzarəti bitki mühafizəsi və karantini sahəsində beynəlxalq standartların, qaydaların və tövsiyələrin tələblərinə uyğun qurulur və aşağıdakı prinsiplərə əsaslanır”. 1-ci “əlaqələndirmə” prinsipidir: “Bitki və bitkiçilik məhsullarının karantin tətbiq edilən zərərli orqanizmlərdən mühafizəsinə yönəldilmiş fitosanitar tədbirlər beynəlxalq əməkdaşlıq çərçivəsində vahid metodika üzrə hazırlanmalı və tətbiq edilməlidir”.
2-ci “ekvivalentlik” prinsipidir: “Bitki və bitkiçilik məhsullarının beynəlxalq ticarəti zamanı ölkədə mövcud olan fitosanitar vəziyyət və həyata keçirilən fitosanitar tədbirlər barədə idxalçı və ixracçı dövlətlərə obyektiv məlumat verilməli, həmin ölkələrdə tətbiq olunan fitosanitar tədbirlərin hüquqi qüvvəsinin bərabərliyi qəbul edilməlidir”.
3-cü “şəffaflıq”dır: “Bitki mühafizəsi və karantini sahəsində Azərbaycan Respublikasında qəbul edilmiş qanunlar, qərarlar, fərmanlar, qaydalar, digər normativ aktlar, habelə onlara edilmiş əlavə və dəyişikliklər barədə müvafiq beynəlxalq təşkilatlar məlumatlandırılmalı və həyata keçirilən fitosanitar tədbirlər üzrə informasiya mübadiləsi aparılmalıdır”.
4-cü “riskin qiymətləndirilməsi”, 5-ci “fitosanitar mühafizəsinin səviyyəsinin müəyyənləşdirilməsi”, 6-cı “regional şəraitə uyğunlaşma”dır. Qanun layihəsində bu məsələlər öz əksini tapmışdır. Fitosanitar nəzarətinin digər prinsipləri bitki mühafizəsi və karantini sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin şərtləri ilə müəyyən olunur. Prezidentin İcra Aparatının təklifi ilə layihəyə “Fitosanitar nəzarətinin təşkili” adlı 25-ci maddə əlavə olunmuşdur. Bu maddədə nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikasında fitosanitar xidməti həm dövlət, həm də qeyri-dövlət fitosanitar xidmətləri vasitəsi ilə həyata keçirilir. Bu qanunla müəyyən edilmiş bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi Dövlət fitosanitar xidmətinin fəaliyyəti ilə təmin edilir. Dövlət fitosanitar xidmətinin vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qeyri-dövlət fitosanitar xidmətinin hüquq və vəzifələri isə layihənin 26-cı və 27-ci maddələrində öz əksini tapmışdır.
Hörmətli Sədr, hörmətli deputatlar, mən ikinci oxunuşdan sonra qanun layihəsində edilən əlavə və dəyişikliklər barəsində sizə məlumat verdim. Komissiya hesab edir ki, Fitosanitar nəzarəti haqqında Azərbaycan Respublikası qanununun layihəsi üçüncü oxunuşun tələblərinə cavab verir və Milli Məclis tərəfindən bütövlükdə qəbul edilə bilər. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun, Eldar müəllim. Çıxış etmək istəyən varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Təklif var, səsə qoyulsun. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 12.41 dəq.)
Lehinə 92
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 93
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Hörmətli millət vəkilləri, gündəliyin 2-ci, 3-cü, 4-cü məsələləri beynəlxalq konvensiyalara qoşulma ilə bağlıdır. Bu konvensiyalara İqtisadi siyasət, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyalarında baxılıb. Etiraz yoxdursa, biz bunların hər üçünü bir yerdə dinləyərdik, amma səsverməni ayrı-ayrı keçirərdik. Etiraz yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Ziyad Səmədzadə, buyurun.
Z. Səmədzadə, Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının sədri.
Hörmətli Sədr, hörmətli millət vəkilləri! Oqtay müəllimin adlarını çəkdiyi konvensiyalar İqtisadi siyasət daimi komissiyasının iclasında ətraflı müzakirə olunub və mən onları qısaca sizin nəzərinizə çatdırmaq istəyirəm. Azərbaycan müstəqillik əldə etdikdən sonra beynəlxalq dəniz gəmiçiliyi təşkilatlarının qəbul etdiyi konvensiyalara qoşulmuşdur. Bu gün müzakirəyə təqdim olunmuş “Beynəlxalq dəniz gəmiçiliyinin asanlaşdırılması haqqında” Konvensiya barədə sizə məlumat vermək istəyirəm. 1965-ci ildə Beynəlxalq dəniz konsultativ təşkilatının (indiki adı Beynəlxalq Dəniz Təşkilatı) dəvəti ilə konfrans keçirilmişdir. Bu konfransda 57 dövlətin nümayəndəsi iştirak etmişdir.
Bu konfransda Beynəlxalq dəniz gəmiçiliyinin asanlaşdırılması haqqında konvensiya qəbul edilmişdir. Bu konvensiyanın qəbulu gəmiçilikdə işlədilən sənədlərin sayının və formatının ümumiləşdirilməsinə, gəmilərin limanlara gəlişinin, dayanmasının və gedişinin yüngülləşdirilməsinə yönələn tədbirlərin müəyyənləşdirilməsi məqsədi daşıyır. Konvensiya gəmidən tələb oluna bilən sənədlərin sayı və formatını əks etdirir. Bu konvensiya və onun əlavələrinə qoşulan dövlətlərə dəniz gəmiçiliyinin asanlaşdırılması və sürətləndirilməsi, eləcə də gəmilərin, heyət üzvlərinin, sərnişinlərin və onların əmlakının rəsmiləşdirilməsi prosesinin ləngidilməsinin qarşısını almaq üçün bütün zəruri tədbirlərin görülməsinə dair tövsiyələr verilir.
Konvensiyada liman strukturları tərəfindən tələb olunan məlumatlara dair aşağıda göstərilən ümumi və vahid formatlar verilmişdir: Gəmi haqqında ümumi bəyannamə, yük bəyannaməsi, gəmi anbarı haqqında bəyannamə, gəmi heyətinin şəxsi əmlakının bəyannaməsi, sərnişinlərin siyahısı, təhlükəli yüklərin yüklənməsi üzrə bəyannamə. Bir çox hallarda respublikamızın gəmiləri Avropa, Afrika və eləcə də dünyanın bir çox ölkələrinin limanlarına yük, yanacaq götürmək və digər müvafiq məqsədlərlə daxil olmaq istədikdə maneələrlə üzləşirlər. Ratifikasiyası təklif olunan konvensiyanın qəbul edilməsi Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərinin xarici ölkələrin limanlarına giriş-çıxışının rəsmiləşdirilməsinin asanlaşdırılmasının təmin edilməsi üçün zəruridir.
Növbəti məsələ “Xilasetmə haqqında” Beynəlxalq Konvensiyaya qoşulmaq barədə Azərbaycan Respublikası qanununun layihəsidir. 1989-cu ildə Beynəlxalq Dəniz Təşkilatı tərəfindən “Xilasetmə haqqında” Konvensiya qəbul edilmişdir. Bu konvensiyanın qəbulunda məqsəd dənizdə və ya hər hansı su hövzəsində təhlükəyə məruz qalan gəmilərə, eləcə də əmlaka xilasetmə əməliyyatına aid beynəlxalq qaydaları tətbiq etməkdir. Gəmiçiliyin inkişafı və ətraf mühitin müdafiəsini gücləndirmək məqsədi ilə Beynəlxalq Dəniz Təşkilatı bundan əvvəl xilasetmə və dənizdə hər hansı bir kömək göstərməklə bağlı qəbul olunmuş qətnamə və konvensiyaları yenidən araşdırmış, bu günün tələblərinə uyğun müvafiq əlavələr etmişdir.
Konvensiyanın məqsədi ətraf mühitə, insan həyatına, dəniz fauna və florasına, sahil və dəniz resurslarına, əraziyə çirklənmə, yanğın, dağıntı və buna bənzər baş vermiş qəzaların, dəymiş zərərlərin qarşısını almaq və yaxud bunların nəticəsində dəyən zərəri minimuma endirməkdir. Konvensiya bu əməliyyatlarda iştirak edən tərəflərin funksiyalarını müəyyənləşdirir. Konvensiyanın qəbul edilməsinin məqsədlərindən biri də təhlükədə olan insanlara, gəmilərə və digər əmlak vasitələrinə vaxtında və effektli xilasetmə əməliyyatları tətbiq etmək, ətraf mühitin yetərli səviyyədə müdafiəsini təmin etməkdir. Komissiya Azərbaycan Respublikasının Dövlət bayrağı altında gəmilərin beynəlxalq və daxili sularda üzməsini və respublikanın beynəlxalq neft daşımasında iştirakını nəzərə alaraq konvensiyanın qəbul edilməsini zəruri sayır.
Axırıncı məsələ “Dənizçilərin şəxsiyyət sənədləri haqqında” 185 saylı Konvensiyadır. 1958-ci ildə Beynəlxalq Əmək Təşkilatı tərəfindən qəbul edilmiş “Dənizçilərin şəxsiyyət sənədləri haqqında” Konvensiyanın tələblərinə əsasən dənizçilərə iş yerinə, gəmiyə gedərkən, yaxud iş yerindən vətəninə qayıdarkən tranzit dövlətlərdən keçməsi üçün viza tələb olunmur. Tranzit keçid üçün yalnız dənizçi kitabçası, pasport və işəgötürənin iş yerinə göndərdiyi, yaxud gəmi kapitanının dənizçinin gəmidə işinin başa çatması haqqında verdiyi müvafiq arayış kifayət edir.
2001-ci il 11 sentyabr tarixində Amerika Birləşmiş Ştatlarında baş vermiş terror hadisəsindən sonra dənizçilərin şəxsiyyət vəsiqələrində müasir günün tələblərinə uyğun olan dəyişikliklər edilməsi zərurəti yaranmışdır. Bunlar dənizçilərin şəxsiyyət sənədinə sahibinə aid biometrik məlumatların - boy, saç rəngi, göz rəngi, qan qrupu, əl izləri və sair daxil edilməsini əhatə edir. Məhz bir sıra diplomatik müzakirələrdən sonra bu dəyişikliklər 2003-cü ildə qəbul edilmiş 185 saylı konvensiyada əks etdirilmişdir. Hazırda yalnız Azərbaycan Respublikasında dənizçilərə verilən pasportlarda müvafiq məlumatların daxil edilməsi əlyazma üsulu ilə həyata keçirilir və bu da xarici dövlətlərin sərhəd xidmətlərində kəskin iradlara səbəb olur. Bu konvensiyanın qəbul edilməsi dənizçilərin Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə çalışması və onların gəmilərə gediş-gəlişinin təmin edilməsi üçün vacib sayılır.
Hörmətli Sədr, biz bu məsələləri Dövlət Dəniz Administrasiyasının rəhbərliyinin iştirakı ilə müzakirə etdik və müəyyən iradlarımızı dedik. Dövlət Dəniz Administrasiyasının rəhbəri də bu gün Milli Məclisin iclasında iştirak edir. Əsas irad Milli Məclisə daxil olan beynəlxalq konvensiyaların tərcüməsi ilə əlaqədardır. Bu sənədlər çox zəif redaktə olunurlar. Bəzi cümlələr, demək olar ki, başa düşülmür. Belə xətalar bu konvensiyada da var. Biz sessiyaqabağı müəyyən tövsiyələrimizi verdik və sənədin ingilis dilindəki variantını da aldıq. Yəqin ki, gələcəkdə Xarici İşlər Nazirliyi və eləcə də bu sahə ilə məşğul olan strukturlar Milli Məclisdə konvensiyaların tərcüməsi, redaktəsi və dili ilə əlaqədar deyilən iradları nəzərə alacaqlar. Sağ olun.
Sədrlik edən. Sağ olun. Onsuz da təkmilləşə-təkmilləşə gedirik. Əvvəllər beynəlxalq konvensiyalar bizə tərcümə edilməmiş gəlirdi, indi onları tərcümə eləyirlər. Bəli, bu sahədə tərcümə işi zəifdir. Bir yerdə işləməliyik ki, bu tərcümələrin keyfiyyətini artıraq. Biz də bunun üzərində işləməliyik. Gültəkin Hacıyeva.
G. Hacıyeva, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyası sədrinin müavini.
Hörmətli Sədr, hörmətli millət vəkilləri! Bu 3 konvensiya bizim komissiyada müzakirə edilib. Ümumiyyətlə, bunlar Azərbaycanda gəmiçiliyin inkişafı, Azərbaycan gəmilərinin beynəlxalq səviyyəyə çıxışı ilə bağlı yaranan problemlərin aradan qaldırılmasına, asanlaşdırılmasına xidmət edən konvensiyalardır. Düşünürəm ki, “Xilasetmə haqqında” Beynəlxalq Konvensiya kifayət qədər mühüm bir sənəddir. Bizim komissiya bu konvensiyaların ratifikasiyasının tərəfdarıdır və hər 3 layihə ilə bağlı müsbət rəy bildirilir.
Lakin mən hörmətli həmkarım Ziyad müəllimin söylədiyi bir fikirlə bölüşürəm. Çox təəssüflər olsun ki, bu sənədlərin hər üçündə çox ciddi dil qüsurları var. Biz anlayırıq ki, vaxtı ilə Azərbaycan dilinin əhatə dərəcəsi məhdud idi və buna görə də müəyyən spesifik sahələrə aid olan mətnlərin tərcüməsi ilə bağlı Azərbaycanda peşəkar kadrlar azdır. Ümumiyyətlə, dilimizdə terminologiya, rəsmi üslubun norma və normalaşma məsələsi ilə bağlı problemlər var. Ancaq sizi inandırım, bu konvensiyaları oxuyan hər bir adam anlayar ki, bunu tərcümə edənlər, ümumiyyətlə, Azərbaycan dili haqqında elementar, bəlkə də hansısa məqamda təsəvvürü olmayan adamlardır.
Burada çox qəribə səhvlər var. Məsələn, “üzən platforma”nı “üzücü platforma” kimi tərcümə etmək, sadəcə, dili bilməməkdən irəli gəlir. Mən çox xahiş edərdim ki, Xarici İşlər Nazirliyi bundan sonra bizim komissiyamıza sənədlər göndərərkən onların üzərində daha ciddi işləsin və Prezidentin imzası ilə təqdim olunan sənədlərə olduqca həssaslıqla və diqqətlə yanaşsınlar.
Bu konvensiyaların mahiyyəti ilə bağlı bir daha qeyd etmək istəyirəm ki, onlar çox mühüm sənədlərdir və konseptual baxımdan bunların ratifikasiya edilməsi komissiyamız tərəfindən bəyənilib. Mən hörmətli həmkarlarımı bu sənədə səs verməyə çağırıram. Sağ olun.
Sədrlik edən. Sağ olun. Bu konvensiyalara dair nə kimi təklif olacaq?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda xahiş edirəm, “Beynəlxalq dəniz gəmiçiliyinin asanlaşdırılması haqqında” Konvensiyaya qoşulmaq barədə qanun layihəsinə münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 12.53 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, “Xilasetmə haqqında” Beynəlxalq Konvensiyaya qoşulmaq barəsində qanun layihəsinə münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 12.54 dəq.)
Lehinə 79
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 81
Yetərsay yoxdur

Kim səs vermədi? Xahiş edirəm, bir də səs verin.

Səsvermənin nəticələri (saat 12.55 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, “Dənizçilərin şəxsiyyət sənədləri haqqında” 185 saylı Konvensiyaya (yenidən baxılmış) qoşulmaq haqqında qanun layihəsinə münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 12.56 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 95
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Gündəliyin 5-ci məsələsi Beynəlxalq cinayətlərə görə məsuliyyət müəyyən edən qanunun qüvvəsinin geriyə şamil olunması haqqında Azərbaycan Respublikasının Konstitusiya qanununun layihəsidir. Bildiyiniz kimi, Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr haqqında Konstitusiya qanunları iki dəfə səsə qoyulur və ikinci səsvermə birinci səsvermədən 6 ay sonra keçirilir. Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynova söz verilir.
Ə. Hüseynov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri.
Hörmətli Sədr, hörmətli millət vəkilləri! 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası öz mətninə və mahiyyətinə görə müasir dünyanın ali qanunları sırasında xüsusi yer tutur. Keçən bu dövr ərzində cəmiyyətimizin inkişafı, ümumbəşəri dəyərlərə sadiqliyimiz və beynəlxalq hüquqi öhdəliyimiz nəzərə alınmaqla Konstitusiyamıza əlavə və dəyişikliklər edilmişdir. Bu gün Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyası tərəfindən müzakirənizə təqdim olunmuş Beynəlxalq cinayətlərə görə məsuliyyət müəyyən edən qanunun qüvvəsinin geriyə şamil olunması haqqında Konstitusiya qanunu da ilk növbədə beynəlxalq hüquqi öhdəliyimizin yerinə yetirilməsi məqsədi daşıyır.
İstərdim ki, qanunun preambulasına diqqət yetirək: “Bu Konstitusiya Qanunu Azərbaycan Respublikasında sülh və insanlıq əleyhinə cinayətlərə və müharibə cinayətlərinə görə məsuliyyət nəzərdə tutan mövcud cinayət qanunvericiliyi normalarının tətbiqini “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın və “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın müvafiq müddəalarına uyğunlaşdırmaq məqsədi ilə qəbul edilir.
Hörmətli millət vəkilləri, xüsusi olaraq qeyd etmək istəyirəm ki, 1995-ci ildə qəbul olunmuş Konstitusiyamız bütövlükdə beynəlxalq hüquqa, ən vacibi isə insan hüquqlarına dair beynəlxalq hüquq normalarına pozitiv münasibət əks etdirmiş, dövlətimizin öz üzərinə götürdüyü beynəlxalq hüquqi öhdəliklərin dövlətdaxili implementasiyası üçün adekvat hüququ əsas müəyyən olunmuşdur. Bu baxımdan Konstitusiyamızın 148-ci maddəsinin II hissəsi, yəni “Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir” fikri çox vacibdir. Olduqca mütərəqqi haldır ki, Azərbaycan Respublikası beynəlxalq müqavilələrin dövlətdaxili implementasiyasının inkorporasiya yolunu seçmişdir. Belə bir konstitusion müddəanın olması ölkəmizin iştirakçısı olduğu insan hüquqlarına dair beynəlxalq müqavilələrin milli hüquq sistemində lazımi qaydada həyata keçirilməsini təmin etmək üçün çox vacib əhəmiyyətə malikdir.
Konstitusiyamızın 71-ci maddəsinin VI hissəsi – “Azərbaycan Respublikası ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir” və 12-ci maddənin II hissəsi – “bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir” müddəaları, həqiqətən də, prinsipial əhəmiyyət kəsb edir. Milli qanunvericiliyimizin beynəlxalq müqavilələrə, o cümlədən Avropa İnsan Haqları Konvensiyasına uyğunlaşdırılması vəzifəsi, təbii ki, Konstitusiyamıza da aid olmalıdır və bu belədir də. Prezident Heydər Əliyev tərəfindən 2002-ci ildə parlamentə təqdim olunmuş Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında Konstitusiya Qanunu bunun bariz nümunəsidir.
Hörmətli millət vəkilləri, qeyd etdiyim kimi, bu Konstitusiya qanununun əsas məqsədi Konstitusiyamızı, qanunvericiliyimizi “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyaya və “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Pakta uyğunlaşdırmaq məqsədi daşıyır. İstərdim ki, həm konvensiyanın, həm də paktın müvafiq maddələrini bir daha səsləndirim. Konvensiyanın 7-ci maddəsi “Qanunsuz cəzalandırılmamaq”dır.
1-ci maddədə göstərilir ki, heç kəs törədildiyi zaman milli və ya beynəlxalq hüquqa görə cinayət sayılmayan hər hansı hərəkət və ya hərəkətsizliyə görə cinayət törətməkdə təqsirli hesab edilə bilməz. Bu maddənin ikinci hissəsi isə çox vacibdir. Burada qeyd olunur ki, bu maddə sivil ölkələrin tanıdığı ümumi hüquq prinsiplərinə müvafiq olaraq törədildiyi zaman cinayət hesab edilən hər hansı hərəkət və ya hərəkətsizliyə görə istənilən şəxsin mühakimə edilməsinə və ya cəzalandırılmasına mane olmur. Bu cür oxşar fikir eyni ilə “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda da öz əksini tapmışdır.
Biz konvensiyaya 2002-ci ildən qoşulmuşuq, qüvvədədir. Beynəlxalq Pakta da 1992-ci ildə qoşulmuşuq, 21 iyuldan qüvvədədir. Bu maddə beynəlxalq aləm tərəfindən qəbul olunmuş hüquq prinsiplərinə əsasən törədildiyi zaman cinayət sayılan hər hansı bir əmələ görə şəxsin məhkəməyə verilməsinə və ya cəzalandırılmasına mane olmur. Gördüyümüz kimi, bu iki mühüm sənəd, ümumiyyətlə, beynəlxalq hüquq, beynəlxalq müqavilələr beynəlxalq cinayət törətmiş əməllərin geriyə qüvvəsinin vacibliyini özündə ehtiva edir. Qeyd etdiyim kimi, bu cür müqavilələrin bizim Konstitusiyada öz əksini tapmasının hüquqi əsası var, Konstitusiyamız buna imkan verir. Təbii ki, Milli Məclis olaraq biz öz Konstitusiyamızda bu mühüm müddəaları əks etdirməliyik.
Beynəlxalq müqavilələrdə müəyyən məhdudiyyətlər nəzərdə tutulur, baxmayaraq, ümumi prinsip olaraq qəbul olunub ki, cinayət qanunvericiliyinin geriyə qüvvəsi qəbul olunmur. Amma beynəlxalq cinayətlərə bunun aidiyyəti yoxdur. Belə məhdudiyyətlər istənilən hüquqi demokratik dövlətdə zəruridir. Bu məhdudiyyətlər ümumi rifah üçün, hər şeydən əvvəl digər insanların hüquqlarının təmin edilməsi, beynəlxalq aləm tərəfindən qəbul olunmuş prinsiplərin həyata keçirilməsi üçün vacibdir. İnsan Haqları üzrə Avropa Məhkəməsinin qərarlarının birində qeyd olunur: “Hüquq və azadlıqlar bir tərəfdən demokratiyanın effektiv siyasi sistemi ilə, digər tərəfdən isə insan hüquqlarının hamı tərəfindən başa düşülüb qorunması ilə təmin olunur”.
Hörmətli həmkarlar, hamınıza məlumdur ki, Azərbaycan – bizim dövlətimiz, bizim vətənimiz XX əsrin sonlarında təcavüzkar müharibə, soyqırımı, əhalinin məhv edilməsi kimi beynəlxalq cinayətlərdən zərər çəkmişdir. XX əsrin sonlarında heç bir dövlət beynəlxalq cinayətdən, soyqırımından, təcavüz və müharibədən bu qədər zərər çəkməmişdir. Təbii ki, beynəlxalq cinayətkarlığa qarşı mübarizə koalisiyasında Azərbaycan da var. Azərbaycanın Cinayət Məcəlləsində vaxtı ilə çox düzgün olaraq “Sülh və insanlıq əleyhinə cinayətlər” fəsli öz əksini tapmışdır.
Beləliklə, beynəlxalq hüquqi öhdəliklərimizin yerinə yetirilməsi məqsədi, ikincisi, insan hüquqlarının tam, bütöv şəkildə qanunvericilikdə əks olunması niyyəti, üçüncüsü, müasir dövrdə sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri kimi beynəlxalq cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi belə bir Konstitusiya qanununun Azərbaycanda qəbul olunmasını zəruri edir. İnanıram ki, Azərbaycanın taleyüklü məsələlərinin həllində hüquqi baza rolunu oynaya biləcək bu Konstitusiya qanunu parlament tərəfindən dəstəklənəcək və qəbul ediləcəkdir. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Qanun layihəsinin müzakirəsinə başlayırıq. Siyavuş Novruzov.
S. Novruzov. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Bu gün bizim müzakirəmizə təqdim olunan Konstitusiya qanununun layihəsi Avropada və dünyada gedən prosesləri əks etdirir. Hesab edirəm ki, buna səs verib, qəbul etməliyik. Konstitusiyamızda insan hüquq və azadlıqları ilə bağlı müddəalar kifayət qədər öz əksini tapıbdır. Bundan başqa, biz ayrı-ayrı konvensiyalara qoşulmaqla insan hüquq və azadlıqlarının qorunmasına da mövqeyimizi bildirmişik. Hesab edirəm ki, belə bir maddənin olması da beynəlxalq və hərbi cinayətlərin qarşısının alınmasında Azərbaycan dövlətinin xüsusi rolunu əks etdirəcəkdir.
Burada Əli müəllim “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Pakt barədə dedi. Bəli, orada bir müddəa da var ki, hüquqlar digərinin hüququnu pozduqda məhdudlaşmalıdır. Məhz insanlıq, bəşəriyyət əleyhinə olan cinayətlərin müddəti ola bilməz, o, daimidir.
1945-ci ildə keçirilən Nürnberq prosesindən sonra hələ bu günə qədər də bəzi adamlar axtarışdadır və onlara qarşı qaldırılmış cinayət işi qüvvədədir. Mən hesab edirəm ki, bu qanuni bazanı qəbul etdikdən sonra Ermənistan dövləti tərəfindən Azərbaycanın başına gətirilən hadisələrə, azərbaycanlıların soyqırımına, etnik təmizləməyə, keçmişdə Dağlıq Qarabağda rəhbərlik edən hərbi komandirlər tərəfindən Azərbaycan millətinə qarşı törədilən cinayətlərə qarşı əvvəl qaldırılmış cinayət işləri daimi olacaqdır. Bu gün Ermənistan prezidenti də, onun ətrafında olan adamlar da kifayət qədər cinayət törədib və buna görə də nə vaxtsa cavab verəcəklər.
Hərbi cinayətlər heç vaxt yaddan çıxmır, daim bəşəriyyətin diqqət mərkəzindədir. İnsanlar həmişə bu məsələlərə qarşı mübarizə aparırlar. Biz müasir dünyada bunu görmüşük. Kosovada və digər bölgələrdə törədilən cinayətlərə görə insanlar məsuliyyətə cəlb olunublar və bu proses davam edir. Biz bu Konstitusiya qanununu qəbul etməklə gələcəkdə mübarizəmizi beynəlxalq səviyyədə davam etdirəcəyik. Mən deputat həmkarlarımı bu qanuna səs verməyə çağırıram. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Vidadi Məmmədov.
V. Məmmədov. Hörmətli cənab Sədr, hörmətli deputatlar! Bu qanun layihəsi Azərbaycan Respublikası Konstitusiyasının 12.2, 75.8, 148.2, 151-ci maddələrin tələblərinə, Konstitusiyanın 15 və 7-ci maddələrinə tam uyğundur və buna görə də müzakirə edilməsi məqsədəuyğundur. Həmin qanunun qəbulu Azərbaycan Respublikasının təcavüzə məruz qaldığı zamanda dövlətin suverenliyinin beynəlxalq hüquq müstəvisində daha da ciddi müdafiə etmək üçün əlavə diplomatik imkanlar yaradır. Belə ki, bu layihənin Azərbaycanın işğal edilmiş əraziləri haqda BMT-nin qəbul etdiyi, lakin hələ də yerinə yetirilməyən məlum qətnamələrinin, Xocalı soyqırımının beynəlxalq hüquqi normalara uyğun araşdırılıb qiymətləndirilməməsi istiqamətində mövcud problemlərin yaratdığı nəticələri aradan qaldırmaq üçün müəyyən qanunvericilik bazası kimi vacib rolu vardır.
Bununla belə, Konstitusiya qanununun layihəsinə aid bəzi fikirlərimi bildirmək istəyirəm. Preambulada “insanlıq” sözü “bəşəriyyət” sözü ilə əvəz edilsə, daha düzgün olardı. Yəqin ki, Əli müəllim Cinayət Məcəlləsinə baxarkən bunun doğru olduğunu bir daha görər.
İkinci, preambulada “müddəalarda” sözündən sonra “və həmin aktlara aid Azərbaycan dövlətinin müvafiq bəyanatlarına və qeyd-şərtlərinə” sözləri əlavə edilsə, daha düzgün olardı. Çünki həmin bəyanat və qeyd-şərtlər Azərbaycanın işğal edilmiş ərazilərində beynəlxalq normaların, o cümlədən göstərilən beynəlxalq müqavilələrin tələblərinə uyğun cinayət təqibini həyata keçirməklə bağlı məsuliyyətin Azərbaycan dövləti üzərinə düşmədiyini qeyd etmiş olardı.
“Hamılıqla qəbul edilmiş” sözləri Azərbaycan Respublikası Konstitusiyasının normalarına – 12.2, 148.2 və 251-ci maddələrə uyğunlaşdırılaraq “Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr” sözləri ilə əvəzlənsə, daha mükəmməl olardı. Qanunun 1-ci maddəsində “zaman” sözündən sonra “sülh və bəşəriyyət əleyhinə cinayət, həmçinin müharibə cinayətləri” sözləri əlavə edilərsə, bu maddənin dispozisiyası daha konkret olar. Mən qanun layihəsinin qəbul olunmasının lehinə səs verəcəyəm və deputat həmkarlarımı da qanunun lehinə səs verməyə çağırıram. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Musa Quliyev.
M. Quliyev. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Hörmətli komissiya sədri Əli Hüseynovun məruzəsində və hörmətli deputatların çıxışlarında deyilən məsələlərin hamısı ilə şərikəm. Beynəlxalq cinayətlərə görə məsuliyyət müəyyən edən qanunun qüvvəsinin geriyə şamil olunması haqqında qəbul edəcəyimiz Konstitusiya qanunu Azərbaycanın öz qanunlarını beynəlxalq qanunvericiliyə uyğunlaşdırması praktikasında çox mühüm bir addımdır.
Eyni zamanda, qəbul edəcəyimiz qanun bizim Konstitusiyanın ümumi ruhuna, mahiyyətinə uyğundur. Hesab edirəm ki, Azərbaycanın indi üzləşdiyi tarixi, siyasi, hərbi şərait belə bir qanunun qəbul olunmasını zəruri edir. Əlbəttə, Azərbaycan dövləti hüquqi, demokratik bir dövlət olduğunu, haqqın, ədalətin tərəfində olduğunu həmişə sübut etmişdir. Belə bir qanunun qəbul olunması da bir daha onu sübut edir ki, Azərbaycan insan hüquqlarının qorunması, bəşəriyyətə qarşı edilən haqsızlıqların gec-tez nə vaxtsa cəzalandırılması tərəfində duran hüquqi dövlətlərdən biridir.
Bu gün Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır. Erməni təcavüzü nəticəsində Azərbaycan 20 minə yaxın şəhid verib, 100 min insan yaralanıb, 50 min insan əlil olub, 7 min nəfərlik əhalisi olan Xocalı kimi bir şəhər erməni vandalları tərəfindən bir gecənin içərisində tarı-mar edilib, 900 yaşayış məntəqəsi dağıdılıbdır. Əlbəttə, nə vaxtsa bunların hamısının cavabı sorulmalıdır.
Bunların hamısının cavabı verilməlidir və bu cinayətləri törədən insanlar kimliyindən asılı olmayaraq Azərbaycan məhkəmələri qarşısında, lazım olsa, beynəlxalq məhkəmələr qarşısında cavab verməlidir. Bu baxımdan Azərbaycan dövlətinin atdığı hüquqi addımları tamamlayan belə bir qanunun qəbul olunması çox zəruridir. Mən də hesab edirəm ki, bu qanunun qəbul olunması ilə Azərbaycan dövləti bir daha insan haqlarının, insan hüquqlarının qorunması sahəsində özünün praktik addımını atmış olacaqdır. Qanun layihəsinin qəbul olunmasını zəruri hesab edir və deputat həmkarlarımı da dəvət edirəm ki, bu qanuna hamılıqla səs verək. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Zahid Orucov.
Z. Orucov. Təşəkkür edirəm. Cənab Sədr, hörmətli millət vəkilləri! Mən də hesab edirəm ki, biz uzun müddətdən bəri Azərbaycan cəmiyyətində, ictimai fikirdə hökm sürən bir acı reallığı qanunvericilik aktlarımıza gətirməkdəyik. Bəzən bizi ittiham edirdilər, qınayırdılar ki, bizim hüquq sistemimiz Azərbaycanın içərisində ən müxtəlif və beynəlxalq xarakterli cinayətlərə yol verməyə əsaslar yaradır, lakin qanun onları mühakimə etmək imkanları vermir. Məhz bunun da nəticəsi olaraq biz öz hüquq mühafizə orqanlarımızdan deyil, beynəlxalq hüquq instansiyalarından ədalət umuruq, onlardan artıq dərəcədə sərt sanksiyalar gözləyirik.
Bilirsiniz ki, beynəlxalq cinayətlərin təsnifatında bu gün də müxtəlif cür qüsurlar qalmaqdadır. Hesab edirəm ki, Azərbaycanda da bu problemləri yaşamaqdayıq. Mən bilmirəm, bu Konstitusiya qanunu həmin problemləri sona qədər həll edəcəkmi? Bir sıra hallarda separatizm, ekstremizm fəaliyyətləri milli azadlıq hərəkatı kimi, insanların hansısa bir etnik və milli qurumlarının öz hüquqları uğrunda mübarizəsi kimi şərh olunur. Ona görə də bu hər bir ölkənin qanunvericilik sistemini, sözün həqiqi mənasında, darmadağın edir.
Azərbaycanda hətta belə bir fikri qeyd edənlər də vardır ki, ermənilər Azərbaycanın Konstitusiyasını və qanunlarını əsas götürərək tamamilə müstəqilliyə nail ola bilərlər. Mən düşünürəm ki, indi belə bir qanunun qəbul olunması və özü də bunun Konstitusiya qanunu şəklində olması o deməkdir ki, gələcəkdə bu cür beynəlxalq cinayətlər törədənlərin hər hansı formada bağışlanması, amnistiya edilməsi və sair kimi hüquqlara layiq görülməsi heç bir danışıqların predmeti ola bilməz. Yəni bu, Konstitusiya qanunudur və onun növbəti dəfə dəyişdirilməsi artıq referendumla baş verə bilər. 40-50 il bundan sonra da hər hansı bir Azərbaycan Prezidenti erməniyə və Azərbaycan ərazisinə təcavüz edəcək hər hansı bir qüvvəyə, şəxslərə qarşı onları bağışlamaq, onları bütövlükdə cinayət məsuliyyətindən azad etmək yönündə addımlar atmalı deyil.
Əlbəttə, burada artıq haqlı olaraq qeyd edildi ki, Xocalı faciəsini və digər faciələri yaşayan bir xalqın hüquq sistemi birinci növbədə həmin cinayətkarları mühakimə etməyə imkan verməli idi. Çox müsbət haldır ki, biz artıq bu yöndə addımlar atırıq. Mən Əli müəllimə təşəkkür edirəm ki, bu yöndə beynəlxalq qanunların ölkəmizə gətirilməsini təmin edir.
Mən burada bir xatırlatma etmək istəyirəm. Bilirsiniz ki, 30 minə qədər Türkiyə türkünün qanını tökmüş və türk dünyasına qarşı özünü qənim elan etmiş Abdulla Öcalanın həmin dövrdə beynəlxalq siyasi maraqlara uyğun gəldiyi üçün müxtəlif kəşfiyyat orqanları ilə birlikdə həbsini həyata keçirdilər və Türkiyəyə verdilər. Ondan sonra Türkiyənin hüquq sistemi çox ciddi şəkildə beynəlxalq təzyiqlərin hədəfinə çevrildi. Ola bilsin, indi Azərbaycanda kimsə düşünsün ki, bəli, ermənilərə hər hansı bir güzəşt üçün bizi də gələcəkdə belə təzyiqlər gözləyir. Buna baxmayaraq biz bu yöndə addımlar atmalıyıq və düşünürəm ki, bu hər hansı bir danışıqların predmeti olmayacaq. Mən bu Konstitusiya qanununu müdafiə edirəm və ona səs verəcəyəm.
Sədrlik edən. Çox sağ olun. Bəxtiyar Əliyev.
B. Əliyev. Çox sağ olun. Cənab Sədr, hörmətli deputatlar! Hörmətli Əli müəllim bu qanunun vacibliyi, onun fəlsəfəsi haqqında çox geniş, əhatəli və aydın şəkildə məlumat verdi. Bu bizim hər birimizi qane edir. Ona görə mən də bu qanun layihəsinin tərəfdarıyam və buna səs verəcəyəm. Həqiqətən də, Azərbaycan müasir dövrdə hüquqi, demokratik bir dövlət, vətəndaş cəmiyyəti qurur və beynəlxalq konvensiyalara qoşulmaqla özünün əsas qanunu olan Konstitusiyada və eləcə də mövcud qanunlarında ciddi dəyişikliklər edir. Eyni məsələ Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə də aiddir. Bəşəriyyətə qarşı nəzərdə tutulmuş ağır cinayətlərin qarşısının alınması vacib bir məsələdir. Ona görə də bu Konstitusiya qanununun qəbul edilməsinin tərəfdarıyam.
2-ci maddəyə redaktə xarakterli qısa bir təklifim var. Burada qeyd edilir: “...Azərbaycan Respublikasının Cinayət Məcəlləsində məsuliyyət müəyyən edildikdən sonra həyata keçirilə bilər”. Bunu belə bir redaksiyada verək: “...Azərbaycan Respublikasının Cinayət Məcəlləsində məsuliyyətin müəyyən edildiyi hallarda həyata keçirilə bilər”. Çünki bu redaksiyadan belə çıxır ki, biz sonradan hər hansı bir cinayət əməlinə görə Cinayət Məcəlləsinə dəyişiklik edib onu tövsif edəcəyik, ondan sonra da həmin şəxsi və yaxud şəxsləri cinayət məsuliyyətinə cəlb edəcəyik. Amma bütövlükdə biz konvensiyalara qoşulmuşuq, bəşəriyyətə qarşı cinayətlər var. Əgər Cinayət Məcəlləsində bu norma qəbul edilirsə, onda bu normanın yaratdığı hallarda da həmin şəxslər cinayət məsuliyyətinə cəlb edilə bilərlər. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Rövşən Rzayev.
R. Rzayev. Çox sağ olun, Oqtay müəllim. Hörmətli millət vəkilləri, bu qanun layihəsi barədə Əli müəllim ətraflı çıxış etdi. Qanun layihəsi barədə mən də bir neçə söz demək istəyirəm. Beynəlxalq normalar yalnız cinayətlərin məsuliyyət prinsiplərini müəyyən edir, cəzalar isə milli qanunvericiliklə müəyyən olunmalıdır. Ona görə də cinayət barəsində normalar birbaşa tətbiq oluna bilmir. Vacibdir ki, onlar milli qanunvericiliyə daxil edilsinlər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın və “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın müvafiq müddəalarında nəzərdə tutulmuşdur ki, törədildiyi zaman beynəlxalq cinayət sayılan əmələ görə milli qanunvericilikdə geriyə şamil olunmağa yol verilə bilər. Qüvvədə olan Cinayət Məcəlləsində buna dair müvafiq qeydlər edilmişdir.
Digər tərəfdən, Azərbaycan Respublikası Konstitusiyasında şəxsin vəziyyətini pisləşdirəcək hallarda qanunların geriyə qüvvəsi olmadığı qeyd edilir. Gələcəkdə bununla bağlı ziddiyyətlərin olmaması üçün qarşımızda olan qanun layihəsinin qəbul edilməsini çox vacib və zəruri hesab edirəm.
Bununla bağlı bir təklif də vermək istəyirəm. “Sülh və insanlıq əleyhinə cinayətlərə və müharibə cinayətlərinə” sözlərindən sonra “soyqırımı” sözünün də bura əlavə edilməsini xahiş edərdim. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Pənah Hüseyn.
P. Hüseyn. Sözün doğrusu, hörmətli hüquqşünaslardan sonra hüquqşünas olmayan bir şəxs kimi bu mövzuda danışmağa bir qədər çətinlik çəkirəm. Mən bu qanun layihəsi ilə tanış olandan sonra Əli müəllimə də bir sıra fikirlərimi bildirmişdim. Prinsipcə çıxışlardan da belə təsəvvür yarandı ki, guya hal-hazırda Azərbaycan Respublikasının cinayət qanunvericiliyi beynəlxalq cinayətlərə, konkret olaraq sülh və insanlıq əleyhinə olan cinayətlərə və müharibə cinayətlərinə qarşı cinayət təqibinin aparılmasına imkan verir. Bu, səhv bir fikirdir. Ona görə ki, Azərbaycan Respublikası müvafiq müqavilələrə görə, keçmiş SSRİ-nin bağladığı beynəlxalq müqavilələrə münasibətdə hüquqi varislik prinsipinə görə bu sahədə bağlanan bir sıra müqavilələrə də əməl etməyi öz üzərinə götürür. Nəzərinizə çatdırıram ki, bir çox beynəlxalq cinayətlərə aid müqavilələrin hal-hazırda əsas prinsip və normaları Nürnberq məhkəməsi və Tokiodakı Müharibə canilərinə qarşı aparılan məhkəmədir. Yuqoslaviya ilə bağlı aparılan məhkəmə işləri biz müstəqillik qazanandan sonra baş verib. Yəni bu, beynəlxalq cinayət hüququnun mənbələrində öz əksini tapıb.
Bir sıra müqavilələr, məsələn, səhv etmirəmsə, hələ 1996-cı ildə Azərbaycanın da tərəfdar çıxdığı bir müqavilə var idi: cinayət məsuliyyətinə cəlb edilmə müddətinin bu tipli cinayətlərə, yəni müharibə cinayətlərində və digər beynəlxalq cinayətlərdə nəzərə alınmaması haqqında 1968-ci il Konvensiyası. Mənim dediklərimin mənası odur ki, təklif olunan qanun layihəsində “Azərbaycan Respublikası Konstitusiyasının heç bir müddəası hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarına əsasən törədildiyi zaman beynəlxalq hüquq normalarına əsasən cinayət sayılan əmələ görə hər hansı şəxsin cinayətə cəlb edilməsinə və cəzalandırılmasına mane olan müddəa kimi şərh edilə bilməz və başa düşülə bilməz” müddəası belə bir fikir yaradır ki, guya Azərbaycan Respublikası Konstitusiyasında hansısa belə bir maddə vardır. Mən bu layihə ilə tanış olarkən bir daha çox ciddi şəkildə Konstitusiyaya baxdım. Hər halda Azərbaycan Respublikası Konstitusiyasında belə bir fikrə düşməyə vadar edən müddəa yoxdur. Bunu ona görə xatırladıram ki, bunun bir növ Beynəlxalq cinayətlərə görə məsuliyyəti müəyyən edən qanunun qüvvəsinin geriyə şamil olunması haqqında qanun adlandırılması da, fikrimcə, bir qədər sual yaradır.
Bizdə, səhv etmirəmsə, 2002-ci ildə Konstitusiya Qanunu da qəbul olunub. Bu, insan hüquq və azadlıqlarının məhdudlaşdırılması haqqındadır. Bu tipli Konstitusiya qanunlarının qəbul edilməsi, məncə, bizim ümumi qanun yaradıcılığı mədəniyyətimizə xələl gətirən forma kimi meydana çıxır. Ona görə də təklifim ondan ibarətdir ki, bu, beynəlxalq cinayətlərə görə qanunun geriyə şamil olunması şəklində olmasın. Çünki bu, hüquqşünaslar bilirlər, hüququn fundamental prinsiplərinin birinin xatırlanmasıdır. Bu, sadəcə, Avropa Konvensiyasının müvafiq 7-ci maddəsinin şərhində olduğu kimi, Beynəlxalq cinayətlərə görə məsuliyyəti müəyyən edən qanunun geriyə qüvvəsinin qadağan olunması haqqında olmalıdır. Siyasi hüquqlar haqqındakı müvafiq paktın və yaxud Avropa Konvensiyasının 7-ci maddəsinin birinci abzası bütövlükdə ora köçürülməlidir ki, geriyə şamil olunmur. Ondan sonra bu müvafiq maddə imkan verir ki, törədildiyi zaman təqib olunsun. Mənim fikrimcə, bu şəkildə qəbul etmək daha doğru olardı. Bu qanun layihəsinin üzərində bir daha işlənməsinə ehtiyac vardır.
Sədrlik edən. Çox sağ olun. Ziyafət Əsgərov.
Z. Əsgərov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli deputat həmkarlarım! Bu gün müzakirəyə çıxarılan Konstitusiya qanunu, sözün həqiqi mənasında, Azərbaycan dövlətinin cəza siyasəti tarixində və Azərbaycan Konstitusiyasının tamamlanması nöqteyi-nəzərindən yenilikdir. Eyni zamanda, bu, cinayət hüququnun belə bir prinsipini özündə ehtiva edir ki, hər bir cinayətə görə cəza labüddür.
Burada deputat həmkarlarım çıxış etdilər və əksəriyyət bu qanunun vacibliyini təsdiqlədi. Burada müəyyən fikirlər də yarandı, mən onlara münasibətimi bildirmək istəyirəm. Deputat həmkarlarımda belə bir fikir yaranır ki, guya hal-hazırda Cinayət Məcəlləsində sülh və insanlıq əleyhinə, müharibə cinayətləri əleyhinə cəza müəyyən edən normaların geriyə şamil olunması ilə bağlı normalar yoxdur və biz indiyə qədər bu məsuliyyəti müəyyən edə bilmirik. Məsələ bundadır ki, ümumiyyətlə, bizim cinayət qanunvericiliyinə görə cinayət qanunvericiliyinin geriyə qüvvəsi şamil edilmir.
Biz bu Konstitusiya qanununu qəbul etməklə Konstitusiyada istisnaedici norma yaradırıq və üstəgəl Azərbaycan Konstitusiyasının 149-cu maddəsinin VII hissəsində müəyyən olunub ki, hüquqi və fiziki şəxslərin hüquqi vəziyyətini ağırlaşdıran, yaxud cinayət məsuliyyətini yaradan hallarda cinayət qanununun geriyə qüvvəsi şamil edilmir. Yalnız o halda bu, şamil olunur ki, ya məsuliyyəti yüngülləşdirsin, ya da cəzanı aradan götürsün. 149-cu maddə hal-hazırda bizə imkan vermir ki, bəşəriyyət əleyhinə, genosidə, sülh və müharibə cinayətlərinə görə cəza müəyyən edərkən cinayət qanunvericiliyinin geriyə qüvvəsini şamil edək. Bu qanun bizə imkan verir ki, artıq bu cür cinayət etmiş şəxslərə cinayətin edildiyi vaxtdan asılı olmayaraq, - 1990-cı ildə 20 yanvar, 1992-ci ildə Xocalı soyqırımı, - bu cinayətlərə görə cəza müəyyən edilir. Cinayətlərin edilmə vaxtından asılı olmayaraq üstündən, 20-30 il keçsə də, bu cinayəti edən şəxslər əvvəl-axır cavab verəcəklər. Bu, artıq cəzanın labüdlüyü prinsipidir. Ona görə hesab edirəm ki, bu Konstitusiya qanununun qəbul edilməsi vacibdir. Çünki Azərbaycan Konstitusiyasının 149-cu maddəsindən istisnaedici norma kimi artıq bu bizə imkan verir ki, sülh əleyhinə, insanlıq əleyhinə cinayət etmiş şəxslərə münasibətdə cinayət qanununun geriyə qüvvəsi şamil edilsin.
Burada belə bir fikir səsləndi ki, guya biz SSRİ-nin hüquqi varisiyik. Biz SSRİ-nin hüquqi varisi deyilik. BMT-nin müəyyən etdiyi sənəd var. SSRİ-nin hal-hazırda hüquqi varisi Rusiya Federasiyasıdır. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Hörmətli Sədr, mən də Ziyafət müəllimin fikrini təsdiq edərək demək istəyirəm ki, Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktına görə, - bayaq Qənirə xanım da qeyd etdi, - biz SSRİ-nin yox, Azərbaycan Xalq Cümhuriyyətinin varisiyik.
Burada Ziyafət müəllim 149-cu maddənin VII hissəsini göstərdi, amma mən Konstitusiyanın digər bir müddəasına da müraciət etmək istəyirəm. Pənah müəllim deyir ki, diqqətlə oxumuşam, heç nə tapmamışam. Amma burada 71-ci maddənin VIII hissəsi var: “Heç kəs törədildiyi zaman hüquq pozuntusu sayılmayan əmələ görə məsuliyyət daşımır. Hüquq pozuntusu törədildikdən sonra yeni qanunla bu cür hərəkətlərə görə məsuliyyət aradan qaldırılmışsa və ya yüngülləşdirilmişsə, yeni qanun tətbiq edilir”. Yəni həm 149-cu maddənin VII hissəsi, həm də 71-ci maddənin VIII hissəsi imkan vermirdi ki, biz hətta beynəlxalq hüquq normalarında nəzərdə tutulmuş müəyyən bəşəri cinayətlərə qarşı cəza tətbiq edə bilək. Ona görə mən də bu fikirdəyəm ki, bu məsələ doğru olaraq müzakirəyə çıxarılıb və biz bu qanunu qəbul edə bilərik. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Əli müəllim, əlavəniz varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Bildiyiniz kimi, bu Konstitusiyaya əlavədir, ona görə 95 səs çoxluğu ilə qəbul olunmalıdır. Xahiş edirəm, səsvermədə diqqətli olun. Buyurun, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 13.31 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 104
Nəticə: qəbul edildi

Qəbul edildi, çox sağ olun.
Gündəliyin növbəti məsələsi Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinə dəyişikliklər edilməsi haqqındadır. Əli Hüseynov, buyurun.
Ə. Hüseynov. Çox sağ olun, cənab Sədr. Hörmətli millət vəkilləri, sizin müzakirənizə Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyası tərəfindən Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinə dəyişikliklər edilməsi haqqında qanun layihəsi təqdim edilmişdir. Məlumat kimi bildirmək istəyirəm ki, təklif olunan dəyişikliklərin üçü - 1-ci, 2-ci və 3-cü bəndlər Milli Məclisin iş rejimi, iclasların və sessiyaların həyata keçirilməsi ilə bağlıdır. Təklif olunur ki, 1-ci maddənin dördüncü hissəsində “iyul ayının 1-dən” ifadəsi “iyul ayının 15-dən” ifadəsi ilə, “avqust ayının 15-dək ifadəsi” isə “avqust ayının 30-dək” ifadəsi ilə əvəz olunsun. Söhbət burada komissiyaların və iclasların keçirilməsindən gedir. Elə buna müvafiq olaraq təklif edirik ki, 1-ci maddənin beşinci abzası aşağıdakı redaksiyada verilsin: “Azərbaycan Respublikası Konstitusiyasının 88-ci maddəsinin I hissəsinin birinci abzasına uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisi hər il iki növbəti yaz və payız sessiyalarına yığılır. Yaz sessiyası fevralın 1-də başlanır və mayın
31-dək davam edir. Payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir...”
Eyni zamanda, bizim qəbul etdiyimiz Seçki Məcəlləsinə görə, Milli Məclisin deputatı əgər mandatından özü imtina edirsə, onu deputat mandatından məhrum etmək səlahiyyəti Mərkəzi Seçki Komissiyasına verilir. Amma Daxili Nizamnamədə bu müddəa artıq işləmir. Yəni mövcud Daxili Nizamnaməyə görə, Milli Məclisin deputatı mandatından özü imtina etdikdə, sədr onu mandatdan məhrum edir. Seçki Məcəlləsi artıq bu məsələni Mərkəzi Seçki Komissiyasının səlahiyyətlərinə aid edib və ona görə, təbiidir ki, 31-ci maddədə də bu düzəlişi edirik.
Nəhayət, təqdim etdiyimiz layihənin 5-ci bəndində “Katibliyi” sözünün “Aparat” sözü ilə əvəz olunmasını təklif etmişik. Bu da təbiidir, çünki Milli Məclisdə Milli Məclisin Aparatı fəaliyyət göstərir və bizim bütün qanunlarımızda, digər sənədlərimizdə hər yerdə “Aparat” ifadəsi işlənir. Sadəcə, burada texniki qüsurumuz olub, “Katiblik” sözü qalmışdı.
Əlbəttə, sonuncu iki məsələ daha çox redaktə xarakterlidir. Elə bilirəm ki, Milli Məclisin iclaslarının, sessiyalarının vaxtları ilə bağlı olan məsələ Milli Məclis tərəfindən dəstək tapacaq və bu bizim daha normal bir rejimdə fəaliyyətimizə köməklik göstərəcəkdir.
Sədrlik edən. Çox sağ olun. Cəmil Həsənli, buyurun.
C. Həsənli. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mənə elə gəlir ki, təklif olunan düzəlişlər, dəyişikliklər yerindədir və parlamentin işinin daha da səmərəli təşkil olunmasına köməklik göstərəcəkdir. Bu dəyişiklikləri edəndə biz dedik ki, lazım deyil. İndi yenidən əvvəlki variantımızın üzərinə qayıtdıq. Parlamentin sentyabr ayının 30-da işə başlaması tamamilə məntiqlidir, qanunauyğundur və buna səs vermək lazımdır. Eyni zamanda, qış tətilində də parlamentin iki ay işsiz dayanması heç bir məntiqə söykənməyirdi. Milli Məclisin iclaslarının fevral ayının 1-dən başlanması da Milli Məclisin fəaliyyətinin səmərəli olmasına gətirib çıxaracaqdır.
Burada qeyd olunur ki, Milli Məclis hər il iki növbəti yaz və payız sessiyalarında yığılır. Burada “hər iki” sözləri elə işlənir ki, elə bil, o həm yaza aiddir, həm də payıza. Belə çıxır ki, 4 sessiya olacaq. Ona görə bunu redaktə eləmək lazımdır ki, “hər iki” ifadəsi bir yaz, bir də payız sessiyasına aid olsun.
Qeyd olunan dəyişikliklərdə göstərilir ki, mart ayının 10-dək yeni seçilən parlament fəaliyyət göstərəcəkdir. Cənab Sədr, mənə elə gəlir ki, bizim parlamentarizm tarixində yeni seçilən parlamentin sessiyanın son ayında işə başlaması kimi nisbətən uyğun olmayan şey var. Təsəvvür edin ki, noyabr ayının 6-da seçkilər oldu, dekabrda parlament işə başladı. Bir neçə iclas keçirdi, yenidən tətilə getdi. Bunu elə eləmək lazımdır ki, köhnə parlamentin fəaliyyəti sessiyanın sonuna qədər davam eləsin. Məsələn, dekabr ayının 30-na qədər köhnə parlament fəaliyyət göstərsin, işini qurtarsın, yeni parlament yeni sessiyaya başlasın. Belə olsa, hesab edirəm ki, bu daha əhəmiyyətli ola bilər. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Axırıncı verdiyiniz sual bir balaca məntiqə uyğun gəlmir. Deputatlar deyirlər ki, seçilməyiblər, səlahiyyətləri yoxdur və iclaslara necə davam edəcəklər? İqbal Ağazadə.
İ. Ağazadə. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də təklif olunan dəyişikliklərin böyük əksəriyyəti ilə razıyam. Cəmil müəllim də dedi, bir az bizi məktəbliyə oxşadırlar, dərs başlayır, biz də başlayırıq. Bu düz deyildir.
Mən də bura bəzi əlavələrin edilməsini təklif edirəm. Milli Məclisin Sədri Azərbaycan Respublikası Prezidentinin və ya Milli Məclisin 42 deputatının tələbi əsasında Milli Məclisin növbədənkənar sessiyasını çağırır. Mən təklif edərdim ki, bu üçdə biri şəklində verilsin. 42 nəfər faktiki olaraq üçdə biridir. Bu gün 10 dairədə seçki keçirilməyib. Biz bunu ona görə bu şəkildə verməliyik ki, mövcud deputatların sayının üçdə biri qədər olsun. Yəni rəqəm kimi 42 yox, deputatların üçdə birinin sayı qədər. Bu daha ədalətlidir, daha düzgündür. Çünki 125 deputatın üçdə biri 42 eləyir. Tutaq ki, 115 deputatın 42-si dedikdə, artıq bu, üçdə bir kvotanı aşır. Niyə belə olmalıdır? 10 deputat seçilməyibsə, bu niyə artıq olmalıdır? Ona görə də “üçdə birinin tələbi əsasında” fikrini təklif eləyirəm.
Bundan başqa, Milli Məclisin Daxili Nizamnaməsinin “Deputat toxunulmazlığına xitam verilməsi qaydası” adlı 22-ci maddəsində qeyd olunur ki, bu məsələ Milli Məclisin iclasında müzakirə edilərkən deputatın ittiham edildiyi cinayətdə təqsirli olub-olmaması məsələsi müzakirə edilə bilməz. Deputatın təqsirli olub-olmaması məsələsi müzakirə olunmursa, millət vəkilləri hansı əsasla Baş prokurorun təqdimatına münasibət bildirməlidirlər. Bu cinayətin olub-olmaması haqqında kollektiv, totalitar yanaşma ola bilməz. Bu, müzakirə olunmalıdır, yox, əgər onun təqsirli olub-olmaması müzakirə olunmursa, deputatlar buna münasibət bildirmirlərsə, onda Baş prokurora verilsin, deputat toxunulmazlığı ləğv olunsun. Əgər deputat haqqında bir cinayət işinə prokuror bir təqdimat verirsə, bu, siyasi qərar deyil, hüquqi bir qərardır. Deputatlar da buna münasibət bildirməlidirlər. Baş prokuror yazıb deyə, deputatlar onun cinayətdə iştirak edib-etmədiyini aydınlaşdırmırlar. Bu, düzgün meyar deyil, cinayətdə təqsirli olub-olmaması müzakirə olunmamalıdır. Amma münasibət bildirməlidirlər. Onda ortaya sual çıxır, həmin deputata şəxsi münasibətə görəmi fikir bildirirlər ki, toxunulmazlıq ləğv olunsun, ya yox? Bu, aydınlaşdırılmalıdır.
Bundan başqa, 43-cü maddədə yazılır: “Milli Məclisin azı 25 deputatı könüllü birləşərək deputat fraksiyaları (qrupları) yarada bilərlər”. Bilirsiniz ki, bu Daxili Nizamnamə qəbul olunarkən proporsional sistem var idi. 100 nəfər majoritar, 25 nəfər isə proporsional qaydada seçilirdi. Mənim düşüncəmə görə hüquqi və məntiqi cəhətdən bunu proporsional seçki sistemində 25 nəfərin seçilməsini əsas götürərək fraksiyanı 25 nəfərdən ibarət etmişdilər. Yəni əgər proporsional qaydada hər hansı bir partiya udarsa, 25 nəfərlik fraksiya yarada bilər.
Təbii ki, mən bunu da ədalətli hesab etmirdim, keçən çağırışda da bu məsələni qaldırmışdım. Hörmətli Ziyafət müəllim bir neçə dəfə məsələyə münasibət bildirəndə ayrı-ayrı ölkələrin parlamentlərindən misallar gətirmişdi. O zaman Ziyafət müəllimlə bir polemikamız olmuşdu ki, bu məsələ sayla ölçülməməli, faizlə ölçülməlidir. Məsələn, ən yuxarı hədd 8 faizdir. Hətta faizi keçməyən Türkiyəni misal gətirək. Türkiyədə Ana Vətən qrupunun 22 deputatı var və onlar parlament seçkilərində barajı aşmamışdılar. İki partiya aşmışdı, sonra da transfer oldu. 22 nəfərlik qrup yaratdılar və rəsmi surətdə qeydiyyatdan keçdilər. İndi bu kvotanı 25 deputatdan, heç olmasa, faizə görə aşağı endirməliyik. Bu, 20 faiz eləyir.
Ukraynada bu günlərdə seçki keçirildi, 22-25-26 faizlə hökumət ortağıdır. Partiyalar xarici parlamentlərdə çox görünür. 20-25 faiz hökumət ortağıdır və yaxud da müstəqil şəkildə hökumət qururlar. 20 faizlik baraj müəyyən eləyib orada fraksiya yaratmaq mümkündür. Ona görə də bu məsələni 10 faizə endirək, heç olmasa, 10 nəfərlik qrup yaradıla bilsin. Bu məsələyə də Milli Məclis baxmalıdır.
Digər məsələ, biz parlamentdə ayrı-ayrı partiyaları təmsil edirik, amma fraksiyada birləşə bilmirik. Fraksiyada birləşə bilmiriksə, təbii ki, gündəliyə də məsələlər çıxara bilmirik. Düzdür, bizim qanunvericilik təşəbbüsümüz də, gündəliyə məsələ təklif etmək imkanımız da var, amma sonda məsələni çoxluq həll eləyir. Amma elə məsələlər var ki, orada bütövlükdə bir partiyanın mövqeyi, qrupun mövqeyi qoyulur. Xüsusən büdcə məsələləri müzakirə olunanda deputatlara ən azı əlavə vaxt verilməlidir ki, fikirlərini çatdıra bilsinlər. Ümumi qaydada Yeni Azərbaycan Partiyası adından kimsə çıxış edirsə, ona da, müxalifət partiyalarına da şərait yaradılsın ki, onlar fikirlərini tam şəkildə deyə bilsinlər. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Fəzail Ağamalı.
F. Ağamalı. Çox sağ olun. Cənab Sədr, hörmətli millət vəkilləri! Mən təqdim edilmiş qanun layihəsinə bəri başdan müsbət rəyimi bildirirəm və ona səs verəcəyəm. Bununla bərabər, Daxili Nizamnamə ilə bağlı müəyyən məsələ ətrafında fikir mübadiləsi aparılırsa, mən də istərdim ki, vacib hesab etdiyim bəzi məqamları diqqətinizə çatdırım. Cənab Sədr, mən arzulayardım ki, deputatların Daxili Nizamnaməsi təkmil olsun, orada boşluqlar olmasın. Bu məsələyə hər an, hər zaman kompleks şəklində yanaşılsın, təkliflər saf-çürük edilsin, Daxili Nizamnamə ilə bağlı biz məsələyə bir dəfə Milli Məclisin plenar yığıncağında münasibətimizi bildirək ki, bu cür hallar olmasın.
İstərdim ki, Daxili Nizamnamədə hamımızı düşündürə biləcək məqamları deyim. Daxili Nizamnamədə nəzərə alınmır ki, deputat deputatlıq fəaliyyəti dövründə xəstələnərsə və ya əlil olarsa, o, pensiya ala bilsin. Arzulayardıq ki, bu, nəzərə alınsın.
Eyni zamanda, deputata diplomatik pasport ancaq onların fəaliyyəti dövründə verilir. Əgər o, yenidən deputat seçilmirsə, indiki mövcud qanunlara görə diplomatik pasportdan məhrum edilir. Ancaq arzulayardıq ki, bu qayda saxlanılsın, deputat ömrünün sonuna qədər həmin diplomatik pasportdan istifadə etsin. O elə böyük imtiyazlar da vermir, ancaq sadəcə olaraq, müəyyən ənənələr yarana bilər. Düşünürəm ki, bu elə də böyük problem deyil, hər halda bunun da üzərinə qayıtmaq olar.
Üçüncü, Azərbaycanın mövcud qanunlarına görə deputatlar silahla təmin olunmalıdırlar. İndi silah verilmir. Əgər verilmirsə, onda biz bunu qanundan çıxaraq və yazaq ki, deputatlara silah verilmir. Əgər bu, qanunda varsa, onda həyata keçirilməlidir.
Dördüncü, Ali Məhkəmənin üzvü səlahiyyətləri başa çatdıqdan sonra iki il müddətində mövcud əmək haqqını alır. Ancaq deputatlar bir il müddətində əmək haqqı alırlar.
Yeri gəlmişkən, bu gün kütləvi informasiya vasitələrində çox böyük hay-küyə səbəb olan 1995-ci ilə qədər deputat seçilənlərin əmək haqlarının indiki qayda-qanunlara uyğun olaraq ödənilməsi ilə bağlı məsələyə də münasibət bildirmək istəyirəm. Mən bunun tamamilə əleyhinəyəm. Azərbaycan Milli Məclisinin birinci çağırışından sonra seçilmiş olan deputatların səlahiyyətlərinin onlara tətbiq olunması Azərbaycanın mövcud qanunlarına tamamilə zidd bir addım olardı. Mənə elə gəlir ki, Səfa müəllimin, Aparatın bu baxımdan tutmuş olduğu mövqe təqdirəlayiqdir. Mən hörmətli millət vəkillərindən xahiş edərdim ki, Milli Məclis Aparatının bu mövqeyi bizim tərəfimizdən müdafiə olunsun.
Nəhayət, sözümün sonunda bir məsələyə də lakonik olaraq münasibətimi bildirmək istərdim. Bu da həmkarımız İqbal Ağazadənin fraksiya ilə bağlı söyləmiş fikirləridir. Fraksiyalar təkcə siyasi mənsubiyyətinə görə yaradılmır. Ayrı-ayrı ölkələrin, ayrı-ayrı parlamentlərin təcrübəsi var. Yaşıllar, göylər, qırmızılar var, bu cür də fraksiyalar yarana bilər. Bu o demək deyil ki, fraksiyanı ancaq müxalifət yaratmalıdır və hökmən də bu fraksiya Milli Məclisdə qeydiyyata alınmalıdır. Bu cür yanaşma düzgün deyil. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Hamınızdan xahişim budur ki, gündəlikdən kənara çıxmayın. Müzakirə edilən məsələlər ətrafında danışın. Buyurun, Ziyafət Əsgərov.
Z. Əsgərov. Çox sağ olun, hörmətli Sədr. Mən İqbal müəllimin qaldırdığı iki məsələyə münasibətimi bildirmək istəyirəm. Əvvəla, İqbal müəllim, biz növbədənkənar sessiyaların çağırılması məsələsini Nizamnamədə müəyyən eləyə bilmərik, çünki bu, konstitusion normadır. Çünki Konstitusiyanın 88-ci maddəsinin ikinci hissəsinə görə, Azərbaycan Respublikası Milli Məclisinin növbədənkənar sessiyaları Prezidentin və parlamentin 42 deputatının tələbi əsasında çağırılır. Bu normanı biz, təbii ki, dəyişdirə bilmərik.
İkinci, deputatın mandatdan məhrum edilməsi ilə bağlı maraqlı bir məsələyə toxundunuz. Baş prokurorun təqdimatı məsələsi, hesab edirəm ki, Nizamnamədə çox doğru təsbit olunub. Biz burada Baş prokurorun təqdimatından deputatın təqsirli, yaxud təqsirsiz olub-olmamasını müəyyən eləyə bilmərik. Bunun üçün təqsirsizlik prezumpsiyası var, məhkəmə var. Məhkəmə onu müəyyən edəcək, bu, Konstitusiyada müəyyən olunub. Amma biz Baş prokurorun verdiyi təqdimatın nə dərəcədə əsaslı olub-olmamasına münasibət bildiririk. Nizamnamədə belə də gedib, bu, tamamilə doğrudur. Biz müəyyən eləmirik ki, deputat cinayət eləyib, ya eləməyib. Bu, Baş prokurorun subyektiv fikridir. İbtidai istintaq gedəcək, məhkəmə bunu müəyyən edəcəkdir. Amma biz yalnız onu müəyyən edə bilərik ki, Baş prokurorun filan deputatın cinayət məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar bizə göndərdiyi təqdimat hüquqi cəhətdən nə dərəcədə əsaslandırılıb. Biz yalnız buna münasibət bildiririk. Hesab edirəm, bu bizim Daxili Nizamnamədə tamamilə doğru müəyyən olunub.
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Biz Daxili Nizamnaməyə əlavə dəyişikliklər edilməsi ilə bağlı məsələ müzakirə edirik. Təklif edirəm ki, biz həm də Milli Məclisin daimi komissiyaları haqqında məsələyə də baxaq. Mən təklif edirəm ki, daha iki daimi komissiya yaratmaq məqsədəuyğun olardı. Dağlıq Qarabağ problemi, məcburi köçkün və qaçqınlarla iş üzrə daimi komissiya yaradılmalıdır. Bu, ölkənin bir nömrəli, ümummilli problemidir, bunu yalnız icra orqanlarının üzərinə buraxmamalıyıq və Milli Məclisin müvafiq daimi komissiyası da bu istiqamətdə fəaliyyət göstərməlidir.
İkincisi, mən hesab edirəm ki, dünya azərbaycanlıları ilə, türkdilli dövlətlər və xalqlarla iş üzrə parlamentin daimi komissiyası olmalıdır. Türkiyədə də bu var. Müvafiq icra orqanı - komitə də var. Ona görə Milli Məclisdə bu tipli komissiyanın yaradılması məqsədəuyğun olardı və təklif edirəm ki, növbəti iclaslarda bu məsələlərə baxaq.
Bu gün müzakirəyə çıxarılmış məsələni müdafiə eləyirəm və hesab edirəm ki, bu əlavə və dəyişiklikləri eləməliyik.
Bir də, mən Fəzail müəllimin toxunduğu məsələyə diqqəti yönəltmək istəyirəm. Fəzail müəllim, biz Kommunist Partiyasının üzvlərinə, sovet orqanlarında işləmiş insanlara pensiya veririk. Niyə Milli Məclis üzvlərinə o pensiyanı verməyək? Müvafiq qanunvericiliyə əlavə və dəyişikliklər etsək, humanist addım atmış olarıq. Baxmayaraq ki, o insanların çoxu referendumda SSRİ-nin saxlanmasına səs vermişdilər. Bəzisi isə Azərbaycanın Dövlət suverenliyi haqqında Konstitusiya Aktına məcburiyyət qarşısında səs vermişdi. Hər halda onlar da Azərbaycan vətəndaşlarıdır və mən hesab edirəm ki, humanist addım atıb, onlara da normal pensiya verə bilərik. Bu da büdcədən böyük vəsait tələb eləmir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S. Novruzov. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də təqdim olunan layihəyə səs verəcəyəm və deputat həmkarlarımı da buna səs verməyə çağırıram. Hərdən görürsən ki, burada elə məsələlərə toxunulur ki, onlar bizim müzakirə etdiyimiz məsələnin predmeti deyil. Deputatların pensiyası barədə məsələ “Deputat statusu haqqında” Qanunun predmetidir, Daxili Nizamnaməyə aid olan məsələ deyil. Mən hesab edirəm ki, Daxili Nizamnamədə nəzərdə tutulmuş müddəaları dəyişməklə iş rejiminin təkmilləşdirilməsi nəzərdə tutulur.
Burada bir sıra təkliflər qaldırıldı. Mən də onunla razıyam ki, məsələn, silah məsələsi ya qanundan çıxarılmalıdır, ya da saxlanılmalıdır. Qanun kiminsə şəxsi alətinə çevrilə bilməz. Silah almağa gedəndə deputata deyirlər ki, psixiatrdan arayış gətir. Bu adam deputat seçilibsə, deməli, normal insandır, onun arayış gətirməsinə nə ehtiyac var? Elə müddəalar var ki, bizim qəbul elədiyimiz qanuna uyğun şəkildə yox, kiminsə iradəsinin əsasında formalaşır. Son dövrdə Milli Məclisdə aparılan işlər sayəsində, Oqtay müəllim, doğrudan da, bu məsələlər getdikcə aradan qalxır. Hesab edirəm, bu məsələ də aradan qalxacaqdır.
Deputat həmkarlarım müəyyən komissiyaların yaradılmasını təklif elədilər. Mən başa düşə bilmirəm, Milli Məclisin 125 deputatı var və Dağlıq Qarabağ məsələsi hər bir deputatın işidir. Hər hansı bir komissiya ilə biz bu məsələni məhdudlaşdıra bilmərik. Hansı sahədə işləməyimizdən asılı olmayaraq bu hər birimizin işidir, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması uğrunda mübarizə aparan insanların işidir. Hər birimiz platformamızda bu məsələni yazmışıq. Ona görə hesab eləmirəm ki, bir komissiya ilə bunu məhdudlaşdırmaq lazımdır. Bu, Azərbaycan parlamentinin vəzifə borcudur, Azərbaycan parlamentinin işidir. Parlamentin üzvləri də istər beynəlxalq təşkilatlarda, istərsə də ayrı-ayrı görüşlərdə, səfərlərdə bu məsələni önə çəkməlidirlər.
Burada deputat fraksiyası ilə əlaqədar fikir səsləndi. Mən hesab edirəm ki, bizim qanunvericilikdə düzgün nəzərdə tutulur. Tutaq ki, Türkiyədə 8 faizdirsə, 450 nəfər deputatı var. Bu da 45 nəfər eləyir. Bizdə bu, say məhdududur. İkinci, fraksiyanın funksiyasına nəzər salsaq, məlum olur ki, bir iclasda 450 nəfər çıxış eləyə bilməz. Azərbaycan Parlamentində 125 nəfər deputat var, hamısının da bir iclasda çıxış eləmək, fikrini demək imkanı var. Hər bir deputata qanunvericilik təşəbbüsü ilə çıxış etmək imkanı verilibdir. İndi bu fraksiyanın adından olmasın, fərdi deputatın adından olsun, fərqi nədir?
Çox düzgün olaraq qeyd olundu ki, fraksiya siyasi mənsubiyyətdən asılı deyil. Gənclər, qadınlar fraksiyası ola bilər, yaşlılar və müxtəlif fraksiyalar ola bilər. Ona görə də biz hər dəfə qanunu fərdlərə və yaxud da siyasi partiyanın qazandığı yerlərə görə dəyişdirə bilmərik. Əgər kimsə yaxşı fraksiyaya rəhbərlik eləmək istəyirsə, ətrafına lazım olan miqdarda adam toplasın, fraksiyasını yaratsın. Digər hallarda isə mən hesab edirəm, hər gün hansısa bir rəqəmi dəyişməklə nəsə əldə eləyə bilmərik. Ona görə də mən elə bilirəm ki, Daxili Nizamnaməyə edilən dəyişikliklər təqdirəlayiqdir. Ona görə təklif edirəm ki, qanun layihəsini səsə qoyaq. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Mən də hesab edirəm ki, bu məsələ ətrafında kifayət qədər çıxışlar oldu. Bəzi millət vəkilləri təklif elədilər ki, Daxili Nizamnaməyə bir daha baxmaq üçün komissiya təşkil olunsun. Mən də razıyam, belə bir komissiya təşkil olunsun, burada qaldırılan məsələlərə yenidən baxılsın və biz Daxili Nizamnamə ilə bağlı bəzi məqamlarla birdəfəlik qurtaraq. Ancaq bu gün məsələ ilə bağlı maraqlı çıxışlar oldu və hesab edirəm ki, bununla kifayətlənmək olar. Xahiş edirəm, qanun layihəsinə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 14.00 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi. Saat 4-ə qədər tənəffüs elan edilir.

(FASİLƏDƏN  SONRA)

 Azərbaycan Respublikası Milli  Məclisi  Sədrinin  birinci  müavini  Z. Əsgərov  sədrlik  edir

Sədrlik edən. Hörmətli deputatlar, iclasımız davam eləyir. Gündəliyin növbəti məsələsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədədir. Əli müəllim, buyurun.
Ə. Hüseynov. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Bu əlavə və dəyişikliklər kiçik olduğuna görə icazə versəniz, elə yerimdən məruzə edərdim.
Sədrlik edən. Buyurun.
Ə. Hüseynov. Sağ olun. Hörmətli millət vəkilləri, bilirsiniz ki, bir qədər öncə biz “Məhkəmələr və hakimlər haqqında”, “Məhkəmə Hüquq Şurası haqqında” qanunlara əlavə və dəyişikliklər etdik. Bir neçə yeni məhkəmə orqanlarının yaradılması artıq qanunda nəzərdə tutulub. Qanunda bu məhkəmələrin aparatı da nəzərdə tutulub. Amma aparatın fəaliyyəti, təsnifatı dövlət qulluğuna aid olduğuna görə bu, “Dövlət qulluğu haqqında” Qanunda öz əksini tapmalıdır. Ona görə birinci təklifimiz ondan ibarətdir ki, “Hərbi Məhkəməsinin Aparatı” sözlərindən sonra “Ağır cinayətlərə dair işlər üzrə Naxçıvan Muxtar Respublikası Məhkəməsinin Aparatı” sözləri əlavə olunsun və yeni yaradılan məhkəmənin aparatı da “Dövlət qulluğu haqqında” Qanunun təsnifatında öz əksini tapsın.
İkinci məsələ. Ziyafət müəllim, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın üzvü kimi bilirsiniz ki, komissiyanın nəzdində katiblik yaradılıb. Amma təəssüf olsun ki, bu günə qədər bu katibliyin əməkdaşları təsnifatda olmadıqlarına görə formal olaraq 9-cu təsnifata uyğun əmək haqqı alırlar. Yəni bu gün Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın Katibliyinin əməkdaşı təxminən 25 yeni Azərbaycan manatı səviyyəsində çox aşağı bir əmək haqqı alır. Katibliyin statusuna uyğun olaraq təklif etmişik ki, o, məhkəmələrin aparat sisteminə uyğun təsnifatda yerləşdirilsin. Bu, ədalətli olar, beləliklə, onların da maddi təminatları yaxşılaşmış olar. Bu əlavə və dəyişikliklər çox normaldır və düşünürəm ki, parlament tərəfindən dəstək tapacaqdır. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Danışmaq istəyən yoxdur? Onda xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 16.06 dəq.)
Lehinə 87
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 3
İştirak edir 90
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədədir. İqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadəyə söz verilir.
Z. Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Bu yaxınlarda Milli Məclisdə “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir və bu qanunun tətbiqi ilə əlaqədar olaraq 2004-cü ildə qəbul edilmiş “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi məqsədəuyğun sayılır.
Prezidentin Milli Məclisə ünvanladığı müraciətdə aşağıdakı dəyişikliklərin edilməsi nəzərdə tutulur. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.7-ci maddəsində ünvanlı dövlət sosial yardımı aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımı kimi qiymətləndirilib və eyni zamanda, ünvanlı dövlət sosial yardımın aztəminatlı ailələr barədə olan tərifinin həmin qanuna daxil edilməsi nəzərdə tutulub.
Qanuna həm də 1.0.9 və 1.0.10-cu maddələr əlavə edilir. Ehtiyac meyarı - əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədi ilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan hədd, aztəminatlı ailə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə kimi kateqoriyalar “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunda öz əksini tapmışdır. Təklif olunur ki, “Yaşayış minimumu haqqında” Qanuna da bu dəyişikliklər edilsin.
Eyni zamanda, dünən Milli Məclisin sədri cənab Oqtay Əsədovun yanında keçirilən iclasda bir daha vurğulandı ki, hər il büdcənin müzakirəsi zamanı Maliyyə Nazirliyi, ümumiyyətlə, icra aparatı tərəfindən yaşayış minimumu haqqında rəqəmlər də bizə verilməlidir. Biz də bu sahədə iş aparırıq. Yəqin, 2007-ci ilin büdcəsi müzakirə olunan zaman bu məsələlər öz həllini tapacaqdır. Bundan əlavə, həmin qanun layihəsində “əhalinin aztəminatlı təbəqələrinə dövlət tərəfindən ünvanlı sosial yardım” sözlərinin “aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının” sözləri ilə əvəz edilməsi təklif olunur. Komissiyada bu məsələlər müzakirə olunub və tövsiyə edilib ki, bu dəyişikliklər Milli Məclisin iclasında nəzərə alınsın.
Sədrlik edən. Çox sağ olun, Ziyad müəllim. Hadi müəllim, bu məsələ Sizin komissiyada da müzakirə olunub. Buyurun.
H. Rəcəbli, Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədri.
Minnətdaram, Ziyafət müəllim. Burada 2 kiçik düzəliş də var. Biz qanunvericilik təşəbbüsü subyekti ilə danışmışıq. Bura əlavə bir maddə salınıb. Mahiyyət ondan ibarətdir ki, büdcə təsdiq olunarkən yaşayış minimumu ilə yanaşı ehtiyac meyarı da təsdiq olunur. Bu hər il olmalıdır. Bundan sonra hər il belə olacaqdır.
İkinci fikir də ondan ibarətdir ki, biz “əhalinin aztəminatlı təbəqəsi” ifadəsini “aztəminatlı ailələr” sözləri ilə əvəz edirik. Yəni bütün mahiyyət bundan ibarətdir. Birinci, ehtiyac meyarını təsdiq eləyirik, ikinci, “əhalinin aztəminatlı təbəqəsi” ifadəsini “aztəminatlı ailələr” ifadəsi ilə əvəz edirik.
Sədrlik edən. Bu dəyişikliyin mahiyyəti nədir, bu nə verir?
H. Rəcəbli. “Təbəqə” sözünü “ailə” sözü ilə əvəz edirik. Çünki ünvanlı sosial yardımda ailədən söhbət gedir.
Sədrlik edən. Çox sağ olun, Hadi müəllim. Müzakirəyə başlayırıq. Əli Məsimli.
Ə. Məsimli. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Ünvanlı dövlət sosial yardımı sisteminin həyata keçirilməsi çox vacib bir məsələdir. Əgər biz ünvanlı sosial yardım sistemini normal həyata keçirsək, onda qarşıda duran bir sıra islahatları az itki ilə həyata keçirə bilərik. Ona görə də buna çox diqqət vermək lazımdır.
Bu təklifdə iki məqam var. İqtisadi dövriyyəyə yeni bir ifadə gəlir. “Ehtiyac meyarı”, bir də “aztəminatlı ailə” nə deməkdir? Mən bunu komissiyada da qeyd eləmişəm, ehtiyac meyarının özünün tərifinə bir aydınlıq gətirilməlidir ki, ehtiyac meyarı nədir və bu niyə tətbiq olunur? Əgər yaşayış minimumu varsa, bu ehtiyac meyarını tətbiq eləməyə nə ehtiyac var? Eyni zamanda, əgər bu, tətbiq olunursa, onda beynəlxalq praktikadakı iki məqamdan hansı götürülür? Beynəlxalq praktikada bu ya bilavasitə minimum istehlak büdcəsinə, yaşayış minimumuna bərabər götürülür, ya da onun 60-70 faizi səviyyəsində nəzərdə tutulur. Bu ciddi suala cavab verilməlidir.
Nazirlər Kabinetinin 118 saylı qərarına əsasən Dövlət Statistika Komitəsi artıq bu məsələ ilə bağlı hesablama aparıb. Həmin hesablamaya görə minimum istehlak səbətinin dəyəri 244 min 358 manatdır. Yeni Azərbaycan manatı ilə 49 manat, ya da 54 ABŞ dollarıdır. Həmkarlar təşkilatı da bir hesablama aparır. Onların hesablamalarına görə isə minimum istehlak büdcəsi 78 yeni Azərbaycan manatıdır. Burada bir az qeyri-müəyyənlik yaranır. Azərbaycan hökuməti ünvanlı sosial yardım sistemini daha səmərəli həyata keçirən zaman hansı göstəricidən çıxış eləyir? Əgər ehtiyac meyarını da bura salırsa, onda beynəlxalq praktikadakı hansı variantı götürür? Buna aydınlıq gətirilməsə, büdcə müzakirə olunan zaman yenə də həmin qeyri-müəyyənlik məhz özünü göstərməyə başlayacaq.
İnformasiya üçün qeyd eləyim ki, əgər biz Nazirlər Kabinetinin hesablaması əsasında bu gün ortaya qoyulan 49 manatı götürsək, elə də böyük bir qəbahətə yol verməyəcəyik, çünki minimum istehlak büdcəsinə müəyyən dərəcədə yaxınlaşan rəqəmdir. Amma minimum əmək haqqı bundan çox-çox aşağıdır. Mən həmin hesablamanı da aparmışam. Əgər Nazirlər Kabinetinin rəqəminə nisbətdə götürsək, bu gün minimum əmək haqqı Nazirlər Kabinetinin hesablamasının 61 faizini təşkil eləyir. Əgər Həmkarlar İttifaqları Konfederasiyasının rəqəmindən çıxış eləsək, onda minimum əmək haqqı 39 faizini təşkil eləyir. 39 faiz beynəlxalq praktikaya uyğun deyil, amma 60 faiz uyğundur.
Nazirlər Kabinetinin son hesablamalarını götürəndə mənim bu təklifimin maliyyə tutumu, yaxud da dəyəri nə qədər olacaq? 200 milyon Azərbaycan manatı. Hesab edirəm ki, əgər neftin qiymətinin bir balaca qalxması ilə qısa müddətə büdcəyə 350 milyon dollar əlavə vəsait daxil olursa, ünvanlı dövlət sosial yardım sisteminin yükünün 200 milyon dollar olması elə də böyük rəqəm deyil. Ona görə də mən təklif edərdim ki, bu rəqəmi - 49 manatı yuvarlaqlaşdırıb 50 manat əsasında ünvanlı sosial yardım sistemini tətbiq eləmək əhalinin aztəminatlı təbəqəsinin güzəranının yaxşılaşdırılması üçün çox etibarlı bir zəmin yaratmış olar. Həmin təkliflərin əlaqədar təşkilatlar qarşısında qaldırılması Azərbaycan üçün çox mühüm əhəmiyyət kəsb eləyər. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Məjlum Şükürov.
M. Şükürov. Təşəkkür edirəm, Ziyafət müəllim. Həqiqətən də, ünvanlı dövlət sosial yardımı bu gün ölkənin sosial həyatında ən aktiv müzakirə olunan bir məsələdir. Bildiyiniz kimi, iyul ayının 1-dən məhz belə bir yardımların verilməsinə başlanacaqdır. Qeyd etmək istəyirəm ki, üçüncü çağırış Milli Məclisin deputatları məhz “Ünvanlı dövlət sosial yardımı haqqında” mütərəqqi bir Qanunu qəbul etmişlər. Burada qeyd olunan kimi, yalnız bir rəqəmi - hər il ehtiyac meyarını dəyişməklə ölkənin sosial mühitini çox optimal idarə etmək imkanı yaranır.
Bir faktı da burada qeyd eləmək istəyirəm. Məndən əvvəl çıxış edən həmkarım bəzi məqamlara toxundu. Yalnız belə bir müqayisəni diqqətinizə çatdırmaq istəyirəm ki, bu il ərzində dövlət büdcəsindən bu məqsədlə 378 milyard manat vəsait ayrılıbdır. Lakin qanunun baza hissəsində, yəni uşaq pulu bazasında yalnız bu məqsədlə dövlət büdcəsindən hər il 154 milyon manat nəzərdə tutulurdu. Bu isə o deməkdir ki, yoxsulluğun azaldılması, aztəminatlı ailələrə dövlət yardımı məqsədi ilə məhz bu il 25 dəfədən çox vəsait ayrılmışdır.
Lakin bəzi məqamlar var. Bu məqamlar da birbaşa Nazirlər Kabinetinin həmin qanunun həyata keçirilməsi məqsədi ilə 2 fevral tarixində verdiyi bir neçə əsasnamə ilə bağlıdır. Bu əsasnamələrdən biri Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydasıdır. İkincisi isə ailənin orta aylıq gəlirlərinin hesablanmasıdır. Kimlər sosial yardım ala bilməzlər? Məsələn, Gürcüstanda mobil telefonu olan insanlar sosial yardım ala bilməzlər.
Bununla müqayisədə bu əsasnamədə daha geniş təbəqə üçün sosial yardımın verilməsi mexanizmi nəzərdə tutulub. İlkin hesablamalara görə 1 milyon 200 minə yaxın insan ünvanlı dövlət sosial yardımı ilə təmin olunacaqdır.
Lakin narahatedici məqamlar kənd camaatı ilə bağlıdır. Məsələn, həmin əsasnamənin 3.10.5-ci maddəsinə görə kənd yerlərində ailədə bir inək varsa, o ailə ünvanlı sosial yardım ala bilməz. Bugünkü bazar qiyməti ilə bunu təsəvvür eləyirsiniz də?! Kənddə elə bir ailə ola bilməz ki, bir inəyə sahib olmasın. Bugünkü bazar qiyməti ilə iribuynuzlu malın bir milyon manatdan artıq dəyəri yoxdur.
Torpaq payı olanlarla bağlı da belə bir məqam var. Ailənin orta aylıq əmək haqqı hesablananda adambaşına torpağın qiymətini torpaq üçün müəyyənləşdirilmiş kadastr qiyməti ilə götürmək nəzərdə tutulub. Bu qiymətlər isə torpağın keyfiyyətindən asılı olaraq hər hektar üçün 10 milyonla 15 milyon civarında müəyyənləşib. Təsəvvür edin ki, dağ kəndlərində yaşayan insanların torpaq payları, adətən, özlərinin yaşadığı ərazidən 50-80 kilometr aralıdadır. Orada bir hektardan 10 milyon manat gəlir götürmək bugünkü məhsul istehsalı səviyyəsinə görə qeyri-mümkündür. Məsələn, adətən, dəmyə torpaqlarda taxıl becərilir və bu sahələrdən də 2-3 tondan artıq məhsul götürmək mümkün deyil. Hətta xərcləri də hesablasaq, hər hektardan çox cüzi gəlir hesablana bilər. Belə bir mühüm qanunun büdcə gəlirlərinin artması ilə tənzimlənməsinin təmin olunması nöqteyi-nəzərindən hesab edirəm ki, Nazirlər Kabinetinin bu əsasnamələrinə mütəmadi olaraq yenidən baxılmalıdır. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Hörmətli Ziyafət müəllim, mən də bu məsələyə münasibət bildirmək istəyirəm. Burada biz əhalinin aztəminatlı təbəqələrinə dövlət tərəfindən ünvanlı sosial yardımı indi aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımı ilə əvəz edirik. Yəni əvvəl “aztəminatlı təbəqələr” deyəndə ailəsi olmayan şəxslər də nəzərdə tutula bilərdi. İndi biz bunu məhdudlaşdırırıq. Elə adam var ki, heç ailəsi yoxdur. İndi onların ehtiyacı varsa, belə çıxır ki, biz onları bu yardımdan məhrum eləyirik, qanunun tətbiqi dairəsini daraldırıq. Buna görə də istərdim ki, bu məsələyə bir aydınlıq gətirilsin.
Bir də, cəmiyyətdə yaşayış minimumu müəyyənləşdirilib. İndi Həmkarlar İttifaqları Konfederasiyası bir rəqəm müəyyənləşdirib, Nazirlər Kabineti başqa bir rəqəm. Məncə, həmkarların müəyyənləşdirdiyi rəqəmlər əsas götürülməlidir. Yaşayış minimumundan aşağı bir dənə də əlavə rəqəm müəyyənləşdirilib, adını da ehtiyac meyarı qoyublar. Allaha şükür, bizim Neft Fondunda və Milli Bankın ehtiyatında 2 milyard 600 milyon dollar vəsait var. Bu qədər vəsaiti olan bir ölkənin əlavə bir “ehtiyac meyarı” anlayışını müəyyənləşdirməsinə nə ehtiyac var? O həddə biz insanlara yardım eləyək. Yaşayış minimumuna çatmırsa, bu, minimum deməkdir. Yəni bu o deməkdir ki, bundan aşağısı yoxdur. Onun üçün də təklif edirəm ki, müəyyən tələbatlar artıq ödənməlidir. Ona görə də biz bu məsələ ilə bağlı Nazirlər Kabinetinə müraciət eləyək, bu məsələnin üzərinə bir də qayıdaq. Neftin dünya bazarında qiyməti qalxıb. Mən bayaq çıxışımda bildirdim ki, xarici neft şirkətləri ilə müqavilə bağlayanda neftin qiyməti 20 dollar idi, indi 72 dollar olub. Bunlara da əlavə vergilər qoymaq lazımdır. Bir daha o məsələnin üzərinə qayıdıram, biz əhalinin aztəminatlı təbəqəsinin yaşayış səviyyəsini yüksəltməliyik. Mən bu cür düşünürəm və bu təkliflə də çıxış eləyirəm. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Mən bir məsələni nəzərinizə çatdırmaq istəyirəm. Müzakirədə neft ilə əlaqədar çox fikirlər səslənir. Amma bir şeyi yadda saxlayaq ki, idxalımız da neftin qalxan qiymətləri ilə hesablanır. Düzdür, bizim 2 milyard 600 milyon dollar vəsaitimiz var. Amma bunun da öz təyinatı var. Problemlərimiz var, bu vəsait onlara sərf olunmalıdır. Amma, ümumiyyətlə, həmişə hər şeyi neftin qiymətinin artması ilə bağlamaq düzgün deyil, çünki bizim idxalımız da o qiymətlərlə hesablanır. Neft qalxır, qiymətlər də qalxır, avro da qalxır. Cəmil Həsənli.
C. Həsənli. Təşəkkür edirəm, Ziyafət müəllim. Düzdür, idxal qiymətləri qalxır, amma nəzərə almalıyıq ki, ölkənin əsas gəlir mənbəyi neftdir və büdcəyə daxilolmaların bilavasitə, yaxud dolayısı ilə təxminən 75 faizi neftin üzərinə düşür. İndi biz bunu büdcədə axıra qədər sərf-nəzər eləmirik. Bəzən o biri hissələrin payı artsa da, neftin qiymətinin qalxması Azərbaycan büdcəsinin maliyyə imkanlarının artmasının başlıca mənbəyidir və Ziyafət müəllim, bunu inkar eləmək olmaz.
İkinci, əlbəttə, mən də bu düzəlişin müzakirə edilməsini təqdir eləyirəm, ancaq bununla bərabər, biz müəyyən reallıqlar üzərində dayanmalıyıq. O reallıqlar nədən ibarətdir? Bir qayda olaraq hökumət qiymətləri qaldıranda Avropa standartlarına istinad eləyir. Tez-tez deyilir ki, bizim inteqrasiya olduğumuz dünyada qazın qiyməti belədir. Amma bizim inteqrasiya olduğumuz dünyada insanların əmək haqları da, pensiyalar da fərqli rəqəmlərlə müəyyən olunur.
Ziyafət müəllim, bu yaxınlarda BMT-nin Uzunömürlülük təşkilatı bir sıra ölkələrdə vəziyyəti təhlil etmişdir. Çox acınacaqlı bir rəqəm post sosialist məkanının böyük bir hissəsinə, o cümlədən Azərbaycana aid idi. Bu, orta ömür həddinin 63 yaşa düşməsidir. Düzdür, bizim statistika ayrı rəqəm göstərir, amma bu beynəlxalq təşkilatın hesablaması belə idi. Biz buna axıra qədər inanmaq istəməsək də, bunun böyük bir səbəbi var. Bu da yaşayış minimumu ilə bağlıdır. Biz yaşayış minimumunu bu qədər az götürməklə, ilk növbədə, öz əhalimizin qidalanmasına sosial təminat vermirik. Normal qidalanmanın olmaması insanların ömrünün qısalmasına gətirib çıxarır.
İndi yaşayış minimumu, məsələn, bizdə 150 min manat götürülür. Yəni 150 min manat ödənilir. Mənim seçki dairəmdə elə adamlar var ki, ay ərzində 120 min manat qaz pulu ödəyirlər və aztəminatlı ailələrdir. Bu 150 min bunların heç bir tələbatını ödəmir. Mən hesab edirəm ki, Həmkarlar İttifaqları Konfederasiyasının yaşayış minimumu haqqında verdiyi rəqəm nisbətən obyektivdir və bu rəqəmə üstünlük vermək lazımdır. Burada 78 manat göstərilir.
Bir də, nəzərə almaq lazımdır ki, uşaq pullarının verilməsi yanvar ayından dayandırılıb. Aztəminatlı ailələrə yardım isə iyul ayının 1-dən verilməyə başlayacaq. Burada etiraf eləmək lazımdır ki, ilin yarısını vətəndaşlarımız, aztəminatlı ailələrimiz bu yardımdan məhrum olublar.
Parlamentin qarşısında duran ən mühüm məsələ insanlara verilən sosial yardımları minimum ehtiyac zənbilinə uyğunlaşdırmaqdır. Hər il biz büdcə gələndə bunu müzakirə eləsək də, hökumət məcbur eləyir ki, insanlara minimum ehtiyaclarının təxminən 50 faizindən də aşağı sosial yardım göstərilsin. Hamımızın seçicilərimiz var. Mən xahiş eləyirəm, parlamentə bu tipli sənədlər gələndə parlament rəhbərliyi Nazirlər Kabineti ilə birgə nəyi artırmaq mümkünsə, bu istiqamətdə fəaliyyətini gücləndirsin və biz də seçicilərimizin qarşısında yaxşı vəziyyətdə qalaq. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Səttar müəllim, buyurun.
S. Möhbalıyev. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli deputatlar, mən də qısaca olaraq fikrimi bildirmək istəyirəm. Prezident cənab İlham Əliyev tərəfindən aparılan iqtisadi siyasət nəticəsində tez bir zamanda yoxsulluğun həddi kəskin dərəcədə aşağı düşübdür. Bu, 69-70 faiz arasında idi. Görülən tədbirlər nəticəsində bu, 49 faizə enib. Bunun da 17 faizi nisbi yoxsulluqdur. Burada əsas səbəb “meyar” sözü ilə “yaşayış minimumu” sözləri arasındakı fərqdədir. Yoxsulluğun həddi o vaxt 250 min köhnə manatla götürülübdür. Nisbi yoxsulluq da 150 köhnə manatla nəzərdə tutulub. “Meyar” sözü təbliğ olunanda yenə də yoxsulluq həddi 250 min manatın 60 faizi nəzərdə tutulub. Bu, yeni manatla 30 manat təşkil edəcək.
İkinci, ”yaşayış minimumu”, “istehlak səbəti” gedir. Bunlardan birini götürmək lazımdır. Bura yeni bir söz artırmaqla çaşqınlıq əmələ gəlir. Dövlət Statistika Komitəsi tərəfindən birinci rübdə 244,5 min manat istehlak büdcəsi nəzərdə tutulub. Yəni biz bunu hazırlamalıyıq ki, Azərbaycanda yoxsulluq aradan qalxsın.
Burada bəzi yoldaşlar Həmkarlar təşkilatı ilə Nazirlər Kabinetinin hesablamaları arasındakı fərqlərdən danışdılar. O fərqlər var. Ancaq bir məsələni nəzərinizə çatdırım ki, biz bu yaxınlarda İqtisadi İnkişaf Nazirliyi ilə danışıqlar aparmışıq, onlar hesablama metodikasını bizə göndərəcəklər, biz də baxacağıq görək, bu fərqlər nədən əmələ gəlir. Ya biz bunu bazardan götürürük, ya da onlar Statistika Komitəsindən. Yəni bu qiymətlər arasında fərqlər nəzərə çarpır. O metodikanı biz tətbiq edəcəyik, bizimkilər də öz sözünü deyəcəklər. Ondan sonra məlum olacaq ki, hansı hesablamalar düzgündür. Bəli, burada texniki hesablamalar arasında fərqlər var.
Yaşayış minimumu ilə bağlı ölkə Prezidenti dəfələrlə öz fikrini deyib. Bu yaxınlarda da Nazirlər Kabinetinin toplantısı oldu. Əmək haqlarının, pensiyaların artırılması nəzərdə tutulur.
Bəzi deputatlar deyirlər ki, bu pulları Neft Fondundan verək. Yaxşı, bu gün 2 milyard 600 min ABŞ dollarını 8 milyon arasında bölək. 5 aydan sonra yenə də bu insanlar yoxsul olaraq qalacaqlar. Ölkə Prezidenti düzgün siyasət yeridir, Dövlət Neft Fondunda olan pullar qeyri-neft sektorunun inkişafına yönəldilir. İş yerləri açılmalıdır ki, rayonlarda insanlar işləsinlər, əmək haqqı alsınlar. Onda həm yoxsulluq həddi aşağı düşəcək, həm də büdcəyə gəlirlər gələcək. Ona görə də mən ölkə Prezidentinin apardığı siyasəti dəstəkləyirəm. Ancaq bu “meyar” sözünü yoldaşlar izah eləsinlər. Qanunun qəbul olunması vacibdir və biz buna səs verəcəyik. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Vahid Əhmədov, buyurun.
V. Əhmədov. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Burada deputatlar bir sıra məsələləri qeyd elədilər. Yadınıza gəlirsə, Pensiya haqqında qanunu qəbul eləyəndə İqtisadi siyasət daimi komissiyası təklif elədi ki, pensiyanı biz yaşayış minimumuna bağlayaq, bu məsələni birdəfəlik qanun şəklinə salaq. Onda bəzi millət vəkilləri buna razı olmadı. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunu qəbul eləyəndə fikir verdiniz, biz o qədər də bunun üzərində dayanmadıq, çünki bu qanun, doğrudan da, Azərbaycanda yoxsul təbəqə üçün çox lazımlıdır. Ona görə də qanuna səs verdik. Amma sonradan bu dəyişiklik – “ehtiyac meyarı” kimi bir anlayış meydana çıxdı. Demək olmaz ki, bu anlayış yoxdur. Bu anlayış bir sıra dövlətlərin qanunlarında var. Belarusda qanun qəbul olunanda ehtiyac meyarı yaşayış minimumunun 60 faizi miqdarında götürülüb. Almaniyada da bu qanun qəbul olunub, orada da “ehtiyac meyarı” anlayışı var. Bayaq burada Əli müəllim düzgün qeyd elədi, “ehtiyac meyarı” anlayışını dəqiq vermək lazımdır. “Ehtiyac meyarı” anlayışı niyə fərqlər yaratmalıdır? Bu, 50 faiz olacaq, 60 faiz olacaq, yoxsa 70 faiz, hesablamaq lazımdır. Amma yenə də deyirəm, bütün bunların hamısında məqsəd ondan ibarətdir ki, əhalinin vəziyyəti yaxşılaşsın. Yəni biz əhalini yaşayış minimumu ilə təmin eləməliyik.
Bir sıra məsələlərə toxunuldu, neft kontraktları ilə əlaqədar məsələ qaldırıldı. Artıq bir neçə dəfədir, bu məsələ qaldırılır. Bütün neft kontraktları Milli Məclisdə qanun şəklində təsdiq olunur. Bunu hüquqşünaslar yaxşı başa düşürlər. Qanunu dəyişmək elə də asan məsələ deyil.
Sonra, burada aztəminatlı təbəqə barədə deyildi. Beynəlxalq iqtisadiyyatda, beynəlxalq hüquqda bir nəfər də ailə sayılır. Onu bilmək lazımdır. Bir nəfər olsun, iki, üç nəfər olsun, dəxli yoxdur. Elə hesab edirəm ki, dövlətin indiki iqtisadi vəziyyətindən asılı olaraq bu ehtiyac ortaya çıxır və mən hesab edirəm ki, biz bunu qəbul eləməliyik. Amma gələcəkdə elə eləməliyik ki, qısa müddət ərzində yaşayış minimumuna gedib çataq, bir də belə anlayışlar yaranmasın. Çünki iqtisadiyyatda qəbul olunan əsas meyar yaşayış minimumudur. Bunu hamı başa düşməlidir, iqtisadçılar da bilirlər, yaşayış minimumu olan ölkədə aztəminatlı ailələrin təminatı bir qədər yüksək səviyyədə olur. Mən başa düşürəm ki, bu müvəqqəti bir haldır, get-gedə aradan götürüləcəkdir. Sağ olun.
Sədrlik edən. Sağ olun. Ziyad müəllim, buyurun.
Z. Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Vahid müəllim də, Əli müəllim də məsələni bir növ yekunlaşdırdılar. Mən Səttar müəllimin fikirlərini müdafiə edirəm. Sözün əsil mənasında, Prezident İlham Əliyev hər çıxışında daim iqtisadi inkişafla əhalinin yaşayış səviyyəsi arasında əlaqənin olmasını vurğulayır. Son iclasda da birmənalı şəkildə dedi ki, iqtisadi inkişafımız artdıqca minimum əmək haqqı, pensiyalar artacaqdır. Biz əhalinin yaşayışını dünya standartlarına uyğun təmin etməliyik.
Mən Ziyafət müəllimlə tamamilə razıyam, “ehtiyac meyarı” müvəqqəti bir anlayışdır. Əminəm ki, yaxın vaxtlarda bu ehtiyac meyarı kateqoriya kimi bizim leksikonumuzdan çıxacaqdır. İmkanlarımızın genişlənməsini nəzərə alaraq ehtiyac meyarı ilə yaşayış minimumu arasındakı fərqin azalmasına çalışmalıyıq. Azərbaycanda hadisələrin gedişi də, baş verən proseslər də, aparılan siyasət də ehtiyac meyarı ilə yaşayış minimumu arasında fərqin azalacağına ümid verir.
Eyni zamanda, qanundakı dəyişikliklər onunla bağlıdır ki, bir ay yarım bundan qabaq biz “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanun qəbul etmişdik və “ehtiyac meyarı” anlayışı da ora daxil edilmişdi. İndi də bu qanunun tətbiqi ilə əlaqədar “Yaşayış minimumu haqqında” Qanuna dəyişikliklər nəzərdə tutulur.
Məlumat verim ki, bizim komissiyada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsul əməkdaşları ilə bu barədə ətraflı söhbət oldu. Əli müəllimin və Vahid müəllimin təklifi ilə əlaqədar biz onları dəvət etdik. Maliyyə naziri və onun müavinləri ilə söhbətlər aparmışam. Bildirmişəm ki, siz bu hesablamaları indidən müxtəlif variantlarda hazırlayın ki, büdcə layihəsinin müzakirə zamanı yaşayış minimumu ilə ehtiyac meyarı arasında fərqin azalmasına nail olaq. Ona görə təklif edirəm ki, təqdim olunmuş qanun layihəsi səsə qoyulsun və bu dəyişikliyi qəbul edək.
Ailə ilə bağlı məsələ qaldırdınız. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunda həmin maddə nəzərdə tutulub. Əgər bir nəfərdirsə, o da ailə sayılır. Ola bilsin ki, demoqrafik statistikada belə məfhumlara az rast gəlinir, amma beynəlxalq aləmdə bir nəfərdirsə, ona da şamil edilir.
Sədrlik edən. Çox sağ olun. Biz öyrəşmişik, bizdə ailə üzvlərinin sayı, maşallah, çoxdur. Amma Avropa ölkələrində, digər ölkələrdə bu azdır. Doğrudan da, belə bir standart var. Hadi müəllim, əlavəniz varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yaxşı, oldu. Mən hesab edirəm ki, bu, normal dəyişikliklərdir və səsə qoymaq olar. Xahiş edirəm, qanun layihəsinə səs verin.

Səsvermənin nəticələri (saat 16.39 dəq.)
Lehinə 94
Əleyhinə 2
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 97
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun. Gündəliyin növbəti məsələsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər edilməsi barədədir. Ziyad müəllim, buyurun.
Z. Səmədzadə. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 18 və 19-cu maddələrinin adlarında müəyyən dəyişiklik edilir. 18-ci maddənin adının qüvvədə olan redaksiyası belədir: “Sənaye mülkiyyəti obyektlərinin qeydə alınması, müvafiq mühafizə sənədlərinin verilməsi və onlarla bağlı digər hüquqi hərəkətlər, habelə icazələrin bəzi növlərinin verilməsi və nəqliyyat vasitələrinin illik texniki baxışdan keçirilməsi üçün dövlət rüsumunun dərəcələri”. Bu maddədə “nəqliyyat vasitələrinin illik texniki baxışdan keçirilməsi” sözləri “nəqliyyat vasitələrinə və onların idarə edilməsi ilə bağlı hüquqi və fiziki şəxslərə xidmətin göstərilməsi” sözləri ilə əvəz edilir. Eyni cümlə 19-cu maddəyə də təklif olunur. Bu məsələyə komissiyada baxılıb və təklif olunur, səsə qoyulsun. Sağ olun.
Sədrlik edən. Bununla bağlı fikir bildirmək istəyən varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yoxdursa, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 16.41 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 93
Nəticə: qəbul edildi

Qəbul olundu, sağ olun.
Növbəti məsələ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr edilməsi barədədir. Yenə də İqtisadi siyasət daimi komissiyasının sədri Ziyad müəllimə söz verilir.
Z. Səmədzadə. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr edilməsi barədə qanun layihəsinə təklif olunur ki, 8.0.2-ci maddədə “şəhadətnamələr” sözündən sonra “mənzil sertifikatlarının dövlət reyestrindən çıxarış, mənzil sertifikatı” sözləri əlavə edilsin. Eyni zamanda, 17.3-cü maddəyə “sənəddir” sözündən sonra “habelə mənzil sertifikatlarının dövlət reyestrindən çıxarış və mənzil sertifikatıdır” sözləri əlavə edilir. Sağ olun.
Sədrlik edən. Buyurun, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 16.43 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 92
Nəticə: qəbul edildi

Sağ olun, qəbul edildi.
Növbəti məsələ Onkoloji yardım haqqında Azərbaycan Respublikası qanununun layihəsidir. Məlahət Həsənova, buyurun.
M. Həsənova, Milli Məclisin Sosial siyasət daimi komissiyasının üzvü.
Çox sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri, hörmətli qonaqlar! Bildiyiniz kimi, Onkoloji yardım haqqında Azərbaycan Respublikası qanununun layihəsi aprelin 7-də Milli Məclisin iclasında geniş müzakirədən sonra birinci oxunuşda qəbul edildi. Millət vəkillərindən hörmətli Fazil Mustafayev, Elmira Axundova, Fəzail Ağamalı, İlham Məmmədov çıxış edərək layihəyə, ümumən, müsbət rəy bildirmiş, bir sıra irad və təkliflər irəli sürmüşlər. Layihə birinci oxunuşa çıxarılarkən Səhiyyə, Ədliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi və Maliyyə nazirliklərinə göndərilmiş, onlardan müvafiq rəylər alınmışdır. Həm Milli Məclisdə səslənən təkliflər, həm də adını qeyd etdiyim nazirliklərdən alınan rəylər ümumiləşdirilərək, işçi qrupunun və komissiyanın iclaslarında dəfələrlə müzakirə olunaraq müzakirənizə təqdim olunmuş şəkildə ikinci oxunuşa hazırlanmışdır.
Həmin rəy və təklifləri nəzərinizə çatdırmaq istərdim. Hörmətli Fazil Mustafayev, Tahir Rzayev və Fəzail Ağamalı qanun layihəsinin adının dəyişdirilərək “Onkoloji xidmət” və ya “Onkoloji xəstəliklərə qarşı mübarizə” adlandırılmasını təklif etmişlər. Onlar fikirlərini belə əsaslandırırdılar ki, qanunun adının belə olması həm onun əhatə dairəsini genişləndirəcək, həm də belə xəstəliklərin qarşısının alınması tədbirlərini özündə ehtiva edəcəkdir. Təklifin, ümumən, müsbət olduğunu qeyd etməklə həm işçi qrupu, həm də komissiya belə hesab edir ki, bizim təklif etdiyimiz variantda qanunun adı bütövlükdə deyilənləri əhatə edir. Qanun layihəsində istər bilavasitə bu xəstəliklə mübarizə, istərsə də onun profilaktikası baxımından hərtərəfli tədbirlər sistemi nəzərdə tutulmuşdur. Bu normalar layihənin 3-cü, 4-cü, 5-ci, 7-ci və sair maddələrində təsbit olunmuşdur.
Fazil Mustafayevin 40 yaşından yuxarı bütün şəxslərin məcburi qaydada ildə bir dəfədən az olmayaraq pulsuz müayinə edilməsi ilə bağlı təklifinə gəlincə isə qeyd etməliyəm ki, tibbi müayinə yetkinlik yaşına çatmış hər bir şəxsin hüququdur. Bu hüquqdan istifadə etmək istəyən hər bir şəxsə həmin müayinənin pulsuz göstərilməsi layihənin 8.0.1, 4.3 və 10.1-ci maddələrində təsbit olunmuşdur. Eyni zamanda, qeyd etməliyəm ki, bu məsələlərdə məcburiyyət tədbirinin qanuni forma alması, həm həyata keçmə mexanizmi, həm də fiziki imkanlar baxımından çətin olardı.
Hörmətli Elmira Axundova 3 təklif irəli sürmüşdü. Birinci təklif əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin öz vəsaiti hesabına müalicə olunması idi. Bununla əlaqədar bildirirəm ki, qanun layihəsinin 4.4-cü maddəsi tibbi sığortası olmayan Azərbaycan Respublikasının ərazisində daimi yaşayan əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin onkoloji müəssisələrdə planlı tibbi yardım üzrə müayinə və müalicəsinin ödənişli əsaslarla həyata keçirilməsini nəzərdə tutur.
Elmira Axundovanın ikinci təklifi xəstəliyin xəstədən gizlədilməməsi məsələsi idi. Bu məsələ 8.0.2-ci maddədə öz əksini tapmışdır. Orada nəzərdə tutulur ki, xəstə sağlamlığının vəziyyəti, xəstəliyin mahiyyəti, tətbiq olunan müalicə üsulları, aparılmış müalicənin nəticələri haqqında ətraflı və müntəzəm məlumat almaq hüquqlarına malikdir.
Elmira Axundovanın üçüncü təklifi müalicə və dərmanlarla təminatın dövlət vəsaiti hesabına həyata keçirilməsi idi. Müalicə və dərmanlarla təminatın dövlət vəsaiti hesabına həyata keçirilməsi ilə bağlı məsələlər layihənin 8-ci maddəsində öz əksini tapmışdır.
Hörmətli millət vəkili Tahir Rzayevin ixtisaslaşdırılmış özəl və bələdiyyə tibb müəssisələrində onkoloji xidmətin müvafiq icra hakimiyyətinin qəbul etdiyi şərtlər əsasında həyata keçirilməsi ilə bağlı təklifi layihənin 6-cı və 10-cu maddələrində göstərilmişdir.
Millət vəkili hörmətli Mübariz Qurbanlının bu xəstəliklərin törəmə səbəblərinin aradan qaldırılması üçün kompleks tədbirlərin aparılması ilə bağlı fikirləri layihənin 7-ci maddəsində təsbit olunmuşdur.
Tibb Universitetinin rektoru akademik Əhliman Əmiraslanovun təkliflərinə də münasibət bildirmək istərdim. 7.0.2-ci maddə aşağıdakı yeni redaksiyada verilmişdir: “Xərçəngönü xəstəlikləri və xərçəngin erkən formaları olan şəxslərin aşkar edilməsi, qeydiyyata götürülməsi və müalicəsi məqsədi ilə dispanserizasiyası. Bundan əlavə, 7.0.3-cü maddə redaktə olunmuşdur. 11.2.2-ci maddədə “bədxassəli şişlərdən” ifadəsi “bədxassəli şişə” ifadəsi ilə əvəz edilmişdir. 11.2.6-cı maddədə “orta tibb personalının” əvəzinə “orta tibb işçilərinin” sözləri verilmişdir.
Əlaqədar nazirliklərdən alınmış rəylərə əsasən qanun layihəsinə müəyyən dəyişikliklər edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin qanun layihəsinə dair təklifləri nəzərə alınmışdır. 5.1.10-cu maddədə ”onkoloji xəstəliklərin müalicəsi üzrə” sözlərinin əvəzinə “onkologiya sahəsində” sözləri yazılmışdır. 8.0.1-ci maddədən “bütün və növlərini” sözləri çıxarılmışdır. Azərbaycan Respublikasında onkoloji yardımın subyektlərini nəzərdə tutan 10-cu maddə qanunun predmeti olmadığına görə çıxarılmışdır. 11.2.1-ci maddədə isə “müalicə” sözündən sonra “profilaktika” sözü əlavə edilmişdir. 11.3.2-ci maddədə “şəxslərdə aşkar olduqda” sözlərinin əvəzinə “aşkar olmuş” sözləri yazılmışdır.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qanun layihəsinə dair təklifləri də nəzərə alınmışdır.
3-cü maddədə “əcnəbilərə, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan, vətəndaşlığı olmayan şəxslərə” sözləri “Azərbaycan Respublikasının ərazisində daimi yaşayan əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə” sözləri ilə əvəz edilmişdir. 7.0.1-ci maddə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 226-cı maddəsinin birinci hissəsinə uyğunlaşdırılmışdır. 7-ci maddənin 5-ci bəndində dəqiqləşdirmə aparılmış, 10.1-ci maddə də 4.1 və 4.3-cü maddələrlə uyğunlaşdırılmışdır.
Bundan əlavə, komissiyanın iclasında müzakirə zamanı aşağıdakılar məqsədəmüvafiq bilinmişdir. Layihənin mətnində “bədxassəli şişlərdən əziyyət çəkən şəxslər” sözlərini “onkoloji xəstələr”, “bədxassəli şişlərinin” sözləri “onkoloji xəstəliklər” sözləri ilə əvəz olunmuşdur. 10-cu maddənin mətni yeni redaksiyada verilmişdir. Layihədə digər redaksiya xarakterli dəyişikliklər edilmişdir ki, onları sadalamaqla vaxtınızı almaq istəməzdim. Yəqin ki, qanun layihəsi fəsil-fəsil müzakirə ediləndə siz öz münasibətinizi bildirəcəksiniz. Hörmətli millət vəkilləri, diqqətinizə görə təşəkkür edirəm və sizin hər birinizi ikinci oxunuşda fəal iştirak etməyə və qanun layihəsinə səs verməyə dəvət edirəm. Sağ olun.
Sədrlik edən. Çox sağ olun, Məlahət xanım, zəhmət olmasa, əyləşin. Müzakirəyə keçməzdən əvvəl ikinci oxunuşun tələblərinə uyğun olaraq qanun layihəsini əsas kimi qəbul eləməliyik. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 16.51 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 91
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Hörmətli deputat həmkarlarım, nəzərinizə çatdırmaq istəyirəm ki, bugünkü iclasımızda səhiyyə nazirinin müavini Sənan Kərimov, Onkoloji Elmi Mərkəzi Klinikanın Baş həkimi İdrak Kazımov, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin şöbə müdiri Şahnaz Baxşəliyeva, Onkoloji Elmi Mərkəzin Baş direktorunun elmi işlər üzrə müavini Rasim Cəfərov, Onkoloji Elmi Mərkəzin şöbə müdiri Rasim Zeynalov, Səhiyyə Nazirliyi şöbə müdirinin müavini Tərlan Bəbirov iştirak edirlər. Suallarınız olsa, verə bilərsiniz. İlham Məmmədov, buyurun.
İ. Məmmədov. Hörmətli deputat həmkarlarım, Məlahət xanım Onkoloji yardım haqqında qanun layihəsini ikinci oxunuşa təqdim etdi, olduqca geniş və ətraflı məlumat verdi. Doğrudan da, qanun layihəsi Sosial siyasət daimi komissiyasında çox geniş müzakirə olunmuşdur. Birinci oxunuşda səslənən prinsipial iradlar nəzərə alınmışdır. Sosial siyasət daimi komissiyasında mütəxəssislərin iştirakı ilə qanun layihəsi geniş müzakirə olunmuş, Məlahət xanımın dediyi kimi, xeyli düzəlişlər aparılmışdır. Onkologiya, doğrudan da, Azərbaycanda xüsusi məktəbi olan tibb sahəsidir. Çünki bu sahədə bizim hörmətli akademiklərimiz Cəmil Əliyev, Əhliman Əmiraslanov kimi mütəxəssislərimiz, dünya miqyaslı alimlərimiz var.
Bu qanunun fəsil-fəsil müzakirəsi olacaq. Ancaq bildirmək istəyirəm ki, MDB və Avropa ölkələrində onkoloji yardım haqqında qanunlar və dövlət proqramı var. 2004-cü il 17 mart tarixində Ukrayna parlamentində hökumət nümayəndələri, deputatlar, alimlər və digər sahənin mütəxəssisləri bu xəstəliyin, doğrudan da, ciddi problem olduğunu nəzərə alaraq onkoloji xəstəliklərlə təcili və təxirəsalınmaz mübarizə məqsədi ilə dövlət proqramının qəbul olunması üçün məsələ qaldırmışlar.
Ümumdünya xərçəng xəstəliyinə qarşı mübarizə sammitində Paris Xartiyası qəbul olunmuşdur. Orada deyilir ki, elmi tədqiqatçıların, alimlərin, həkimlərin, xəstələrin, hökumətin, sənaye işçilərinin, kütləvi informasiya vasitələrinin birgə ittifaqı sayəsində bu xəstəliyə qarşı ciddi mübarizə aparmaq lazımdır. Mən qeyd edim ki, bu qanun mükəmməl hazırlanmışdır və Paris Xartiyasında qəbul olunan müddəalar, demək olar ki, burada öz əksini tapır. Elmi-tədqiqat işlərinin aparılması, beynəlxalq əməkdaşlıq qanunda öz əksini tapmışdır.
Hətta burada mütərəqqi bir maddə də var. Xəstəliyin son mərhələsində əziyyət çəkən insanların tibb müəssisələrində yerləşdirilərək dövlət büdcəsi hesabına müalicə olunması nəzərdə tutulmuşdur. Avropa ölkələrində belə bir təşkilat var, onkoloji xəstəliklərdən əziyyət çəkən insanlar orada ömürlərinin sonuna kimi dövlət hesabına müalicə və müayinə olunurlar. Bütün bunları nəzərə alaraq qeyd edirəm ki, qanun mükəmməl işlənmişdir. Belə hesab edirəm ki, deputat həmkarlarım qanun layihəsinin qəbul olunmasına səs verəcəklər.
Qanun layihəsinin II fəslində onkoloji xəstəliklərin azaldılması üzrə məqsədli dövlət proqramının qəbul edilməsi və həyata keçirilməsi nəzərdə tutulub. Əlbəttə, bu qanunun işlək halda olması üçün dövlət proqramı qəbul olunacaqdır.
Mən bir şeyi də qeyd edim. Hörmətli həmkarım Qənirə xanımın çıxışına mən də şərik oluram ki, insan sağlamlığının qorunmasına xidmət edən hər bir qanun çox vacibdir və alqışlanmalıdır. Ancaq gəlin, nəzərə alaq ki, “Sığorta haqqında” Qanunun yenidən işlənməsinə ehtiyac var. Çünki bu gün çox dinamik inkişafda olan dövlətimiz və möhtərəm Prezidentimiz tərəfindən regionlarda müasir tipli təchiz olunmuş xəstəxanalar tikilir. Bu qanunda göstərilir ki, onkoloji xəstələrin birinci növbədə profilaktikasının aparılması, onun müayinə olunması vacib şərtlərdən biridir. Dövlət bütünlükdə səhiyyənin xərclərini öz üzərinə götürə bilməz. Mən fürsətdən istifadə edərək, “Tibbi sığorta haqqında” Qanuna yenidən baxılmasını bir daha xahiş edərdim və deputat həmkarlarımı da qanun layihəsinə səs verməyə çağırıram. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Təşəkkür edirəm, İlham müəllim. Hörmətli deputatlar, bu qanun 17 maddədən, 4 fəsildən ibarətdir. Bütün fəsillər üzrə danışaq, müzakirə aparaq, amma səsverməni fəsillər üzrə ayrı-ayrı aparaq. Etiraz yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, İltizam Əkbərli.
İ. Əkbərli. Təşəkkür edirəm. Hörmətli sədarət, hörmətli deputatlar! Keçən iclasda Dərman vasitələri haqqında qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı mən Onkoloji yardım haqqında qanun layihəsinə toxunmuşdum. Layihədə xəstələrə büdcə hesabına pulsuz yardım göstərilməsini, işlədilən dərmanların pulunun büdcə hesabına ödənilməsini özündə əks etdirən maddələrin icra mexanizmini görmədiyimi söyləmişdim. Bu gün də təkrar edirəm, ölkədə xüsusi kateqoriyalı xəstələrə pulsuz tibbi yardımın göstərilməsi, pulsuz dərman preparatlarının verilməsi adı altında hər il külli miqdarda pul mənimsənilməsi artıq heç kəs üçün sirr deyildir. Təyinatlı pullar mənimsənilir, xəstə sahibi isə dərman üçün günlərlə pul axtarmalı olur. Bu acınacaqlı vəziyyətin yaranmasının yeganə səbəbi isə məhz icraya görə məsuliyyətin, məcburiyyət məsələsinin ciddi şəkildə qoyulmamasıdır. Ona görə də hesab edirəm ki, bu tipli qanunları qəbul edərkən icraya məsuliyyət artırılmalı, müvafiq maddələrdə qanunun icrasına cavabdeh olan icra orqanlarının məsuliyyət məsələsi daha konkret göstərilməlidir.
Düzdür, layihədə onkoloji xəstə kimi qeydə alınmış insanlara dərman vasitələrinin dövlət büdcəsi hesabına verilməsinə, bu xəstələrin hüquqlarına, həmçinin qanunun pozulmasına görə məsuliyyətə aid maddələr yazılmışdır. Ancaq, mənim fikrimcə, bu maddələr aydınlaşdırılmalı, daha anlaşıqlı edilməlidir ki, mütəxəssis köməyinə ehtiyac olmadan hər kəs onu oxuyub başa düşsün və icrasını tələb etsin.
Bu baxımdan mən qanunun dilini, məzmununu ağırlaşdırmayan, qanunvericilik texnikasına zidd olmayan 3 təklifi diqqətinizə çatdırmaq istəyirəm. 6.8-ci maddədə yazılıb: ”Onkoloji xəstələrin müalicəsi üçün illik ayrılan dərman vasitələrinin, o cümlədən narkotik və qeyri-narkotik ağrıkəsici preparatların, habelə sarğı materiallarının siyahısı və miqdarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.” Fikrimcə, bu maddədəki illik dərman vasitələrinin miqdarına bir də aydınlıq gətirilməlidir. Bu məqsədlə təklif edirəm ki, “siyahısı və miqdarı” sözlərindən sonra “ötən il qeydə alınmış xəstələrin sayından az olmamaq şərti ilə” sözləri əlavə edilsin. Həmçinin bu maddəyə aşağıdakı məzmunda cümlənin də əlavə edilməsi məqsədəuyğun olardı: Müvafiq icra hakimiyyəti orqanı ayrılan dərman vasitələrinin siyahısı və miqdarı haqqında məlumatların ilboyu şəffaflığını təmin edir. Hesab edirəm ki, bu əlavələr tibb müəssisələrində dərman çatışmır kimi bəhanələrə son qoyar. Hamıya aydındır ki, dərman preparatları yerlərdə məhz bu bəhanə ilə mənimsənilir.
Digər təklifim 8-ci maddəyə aiddir. Bu maddə bədxassəli şişlərdən əziyyət çəkən şəxslərin hüquqlarına aiddir. Mən bu maddəyə aşağıdakı məzmunda bir bənd əlavə edilməsini təklif edirəm: Büdcə hesabına ayrılmış dərman vasitələrini tələb etmək, 4-cü maddənin 3-cü bəndinin pozulması hallarında şikayət etmək. Mən onkoloji xəstənin hüquqları sırasında onun tələb etmək və hətta hüquq mühafizə orqanlarına müraciət etmək hüququnun açıq yazılmasının tərəfdarıyam. Şübhə etmirəm ki, bu bəndin 8-ci maddəyə əlavə edilməsi icraçıların məsuliyyətini artıracaqdır.
Ən nəhayət, sonuncu təklifim 16-cı maddəyə aiddir. Bu maddədə qanunu pozan hüquqi və fiziki şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada məsuliyyət daşıdığı ümumi şəkildə qeyd edilir. Qanunun icrasına cavabdeh olanların məsuliyyətini artırmaq üçün mən bu maddəni yetərli hesab etmirəm. Fikrimcə, bu qanunu pozan fiziki və vəzifəli şəxslərin nəinki cinayət və inzibati-hüquqi qaydada, həm də mülki-hüquqi qaydada məsuliyyət daşıdığı açıq göstərilməlidir. Yerlərdə yaranmış real vəziyyəti nəzərə alaraq mən burada həm də mülki-hüquqi məsuliyyət məsələsini xüsusi qeyd etməklə hamının tez-tez rastlaşdığı bir epizodu xatırlatmaq istəyirəm.
Xəstəxanalarda baş həkim onkoloji xəstəyə dərman preparatlarını vermir, xəstəni müalicə edən həkim isə bu hala dözür. Yəni bu dərman preparatlarının xəstəyə pulsuz verilməli olduğunu bilsə də, onun verilməsini baş həkimdən tələb etmir. Heç şübhəsiz ki, bu halı özü üçün maddi və mənəvi ziyan hesab edən xəstə ona dəyən ziyanın pulla əvəzini tələb edə bilər. Yəni kompensasiya tələb edə bilər. Qısaca desək, qanunun pozulmasına göz yumduğuna görə gələcəkdə xəstə sahibinə kompensasiya olaraq böyük miqdarda pul ödəmək qorxusu icraya nəzarətçi kimi həkimin də məsuliyyətini artırar. Ona görə də təklif edirəm ki, 16-cı maddə aşağıdakı redaksiyada verilsin: Bu qanunu pozan bütün hüquqi və fiziki şəxslər qanunun pozulmasının xarakterinə uyğun olaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan cinayət, inzibati və mülki-hüquqi qaydada məsuliyyət daşıyırlar. Bu təklif qanunun dilini, formasını, texnologiyasını pozmadan 16-cı maddənin mahiyyətini açar, daha anlaşıqlı edər, maddəni başa düşmək üçün kənar yardıma ehtiyacı aradan qaldırar. Ən əsası isə, büdcə hesabına nəzərdə tutulan dərman vasitələrinin pulunun mənimsənilməsinin qarşısını alar. Mənim həm 6-cı, həm 8-ci, həm də 16-cı maddələrə təklif etdiyim əlavələr məhz bu məqsədi daşıyır. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Miri Qənbərov.
M. Qənbərov. Sağ olun, minnətdaram. Ziyafət müəllim, mənim bir təklifim var, amma ona qədər iki-üç dəqiqə vaxtınızı alacağam. Nə qədər ki burada Səhiyyə Nazirliyinin və başqa müəssisələrin məsul şəxsləri iştirak edirlər, bunu mən deməliyəm. Əvvəla, bu qanun təqdirəlayiqdir və çoxdan qəbul olunmalıydı. Bununla yanaşı, başqa qanunların da meydana çıxması vacib məsələlərdən biridir. Mənim yaşımda olan yoldaşlar bilirlər ki, 70-ci illərin əvvəllərində respublikamızda bu sahədə çox gerilik var idi. Yüzlərlə xəstə müalicə üçün Moskvaya gedirdi.
Ulu öndərimiz Heydər Əliyev başqa sahələrə diqqət yetirdiyi kimi, bu sahəyə də böyük diqqət yetirdi, Rusiyanın müxtəlif şəhərlərində işləyən azərbaycanlı kadrları respublikaya gətirdi, onlara işləmək üçün geniş şərait yaratdı və respublikadakı mövcud çətinliklər aradan qaldırıldı. Bu iş davam edir.
Lakin bir şeyi də qeyd etmək istəyirəm. Bizdə onkoloji mərkəzin olmaması da çox böyük çətinliklər yaradır. Bir xəstəxana və bir institut ilə çox işləri görmək mümkün deyil. İri şəhərlərdə mərkəzlər var və bizdə bu mərkəzin yaradılması mütləqdir. Səhiyyə Nazirliyinin işçiləri də məni dəstəkləyərlər, yeni bir mərkəz yaradılsa, orada həm insanlar müalicə olunar, həm də onların istirahətləri üçün şərait yarana bilər. Bu, vacib məsələlərdən biridir. Bunu həm də şəhərin mərkəzində yox, bir az kənarda çox şəfalı yerdə yaratmaq vacibdir.
Dediniz ki, burada Səhiyyə Nazirliyinin məsul işçiləri iştirak edirlər. Ziyafət müəllim, indi deyəcəklərim bu qanuna aid deyil. 10-15 gün bundan qabaq 6-cı mikrorayonda, zeytun bağının yanında 6-7 il bundan əvvəl göz klinikası tikildi. Xahiş edirəm, siz də, o biri yoldaşlar da gedib baxasınız. Həmin mərkəz tikilib başa çatıb, amma dağılmaq üzrədir. Bakı Şəhər İcra Hakimiyyəti, Səhiyyə Nazirliyi hara baxırlar? Nə üçün bu qədər dövlət vəsaiti sərf olunan obyekt indiyə qədər belə bərbad halda qalıb? Bu, dözülməz haldır. Yoldaşlarla oradan keçəndə biri dedi ki, bunun üçün xeyli sayda qapı-pəncərə sifariş olunmuşdu. Onların da çoxu yoxdur. Bizim hörmətli Prezidentimizin çəkdiyi zəhmət, xərc batdı getdi. Biz də sevinirdik ki, belə bir mərkəz yaranır, belə bir tikinti işi gedir. Lakin indi isə bu tikintiyə bu qiyməti vermək heç də insafdan deyil. Ona görə adlarını çəkdiyim yoldaşlardan xahiş edirəm, bu mərkəz üçün təcili surətdə bir tədbir görsünlər. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun, Miri müəllim. Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Hörmətli Ziyafət müəllim, mən də müzakirə olunan qanunla bağlı bəzi fikirlərimi bildirmək istəyirəm. Əvvəla, qeyd etmək istəyirəm ki, bizim Daxili Nizamnaməyə görə büdcədən əlavə vəsait tələb edən qanunlar müzakirəyə çıxarılarkən mütləq büdcə ekspertizasının rəyi olmalıdır. Bilinməlidir ki, bura nə qədər əlavə vəsait tələb olunur. Bu qanun qəbul olunandan sonra onun tətbiqi ilə bağlı problemlər yaranmayacaq?
Bu qanunun 5.0.11-ci maddəsində göstərilir: “Onkoloji xəstəliyin son mərhələsində olan və sosial əlaqələrini itirmiş onkoloji xəstələrin ümumi təyinatlı müalicə müəssisələrində zəruri olan müddətdə dövlət təminatında saxlanmasına.” Yaxud götürək onların müəyyən dərman preparatları təminatı məsələsini. Bu gün qanun bizə təqdim olunarkən qeyd olunmadı ki, nə qədər bu cür xəstə var və nə qədər xəstəyə dövlət tərəfindən dərman preparatları verilməlidir. Bu barədə istərdim, bir məlumat verilsin.
Onsuz da səhiyyəyə ayrılan vəsait onun problemlərinin həllinə kömək etmir. Burada müəyyən tədbirlərin görülməsi nəzərdə tutulur ki, bu da əlavə vəsait tələb edir. Məsələn, qanunun 7.0.4-cü maddəsində yazılır: “Əhali arasında sanitar-maarifləndirmə işlərinin aparılması”. Bu iş böyük vəsait tələb edir. Kənd-kənd düşüb gəzmək, insanlarla görüşlər keçirmək, onları maarifləndirmək lazımdır. Buna görə də mən istərdim ki, bizə bu barədə məlumat verilsin.
İndi isə konkret təkliflərə keçirəm. 5.0.10-cu maddədə qeyd olunur ki, onkoloji xəstəliklərin müalicəsi üzrə tibbi mütəxəssislərin hazırlanması və ixtisasların artırılmasına. Mən hesab edirəm ki, bu, normal bir müddəadır, amma buna bir əlavə etmək lazımdır. Maddə belə verilsə, daha yaxşı olar: “Onkoloji xəstəliklərin müalicəsi üzrə ölkədə və xarici elm və tədris müəssisələrində tibbi mütəxəssislərin hazırlanması və ixtisasların artırılması”. Bunu bir vəzifə kimi müvafiq orqanların üzərinə qoyuruq. İndi sayını özləri müəyyənləşdirərlər. Amma biz artıq qanunla bunu bir vəzifə kimi onların üzərinə qoyuruq. Etiraf etmək lazımdır ki, bu gün Avropada, ABŞ-da elmin inkişaf səviyyəsi Azərbaycanla müqayisədə xeyli dərəcədə irəlidədir və bunun üçün də bizim mütəxəssislərin bu ölkələrdə hazırlanmasına böyük ehtiyac var.
7.0.5-ci maddədə qeyd olunur: “Əhalinin həyatına və sağlamlığına mənfi təsiri olan kimyəvi maddələrin, radioaktiv maddə və tullantıların, sənaye texnologiyalarının müəyyənləşdirilməsi”. Bunu müvafiq səhiyyə orqanlarının üzərinə bir vəzifə kimi qoyuruq. Tutaq ki, səhiyyə orqanı bunu müəyyənləşdirdi. Sonra? Mənə elə gəlir ki, bu, qanunda konkret göstərilməlidir. Təklif edirəm ki, 7.0.5-ci maddədən sonra belə bir bənd əlavə olunsun: “7.0.5-ci maddədə göstərilən halların aradan qaldırılması üçün müvafiq icra orqanları, lazım gələrsə, məhkəmə qarşısında məsələ qaldırılması”. Yəni bunu da bir vəzifə kimi səhiyyə orqanlarının üzərinə qoyuruq ki, əgər belə hallar aşkarlanırsa, siz onların da aradan qaldırılması istiqamətində konkret fəaliyyət göstərməlisiniz.
İndi etiraf edək ki, biz Qəbələ RLS-i bağlatdıra bilmirik. Səhiyyə sahəsində tanınmış bir sıra mütəxəssislər bildirirlər ki, bu, doğrudan da, insanların orqanizminə mənfi təsir göstərir. Bəziləri isə deyirlər ki, yox, heç bir təsir göstərmir. Amma əhali ilə olan söhbətlərdən, mətbuatın yazdığından bilirik ki, o, insanların səhhətinə mənfi təsir göstərir. Azərbaycan hökuməti o addımı ata bilmir, çünki Rusiya bunu özünə qarşı xoş niyyətli olmayan bir addım kimi qiymətləndirə bilər. Gəlin, bu imkanı yaradaq, səhiyyə orqanları məsələ qaldırıb onun məhkəmə qaydasında bağlanmasını təmin etsinlər. Təkcə Qəbələ RLS-i misal göstərmirəm, sabah bu cür başqa müəssisələr aşkarlana bilər, yaxud bu tipli yeni müəssisələr yarana bilər ki, bu, insanların səhhətində ciddi problemlər törədər. Biz səhiyyə orqanlarına bu imkanları verək ki, onlar məhkəmə qaydasında problemləri həll edə bilsinlər.
8-ci maddə ilə də bağlı fikirlərim var. Bu, “Onkoloji xəstələrin hüquqları” adlanır. 8.0.2-ci maddədə qeyd olunur ki, “sağlamlığının vəziyyəti, xəstəliyin mahiyyəti, tətbiq olunan müalicə üsulları, aparılmış müalicənin nəticələri haqqında ətraflı və müntəzəm məlumat almaq”. Yəni hər bir onkoloji xəstənin belə bir hüququ var. Mən təklif edirəm, burada həm də o xəstəliyin yaranma səbəbləri barədə onkoloji xəstənin məlumat almaq hüququ öz əksini tapsın. Biz rastlaşmışıq, Amerika Birləşmiş Ştatlarında həkim xəstəyə diaqnoz qoyur ki, səndə siqaret çəkməkdən ağ ciyər xərçəngi yaranıb. O da siqaret istehsal edən fabrikləri, yaxud da siqaret satışı ilə məşğul olan şirkətləri məhkəməyə verir, onları cərimələyirlər. Mən hesab edirəm ki, 8.0.2-ci maddədə birbaşa qeyd olunmalıdır ki, xəstənin öz xəstəliyinin yaranma səbəbləri barədə həkimdən arayış almaq səlahiyyəti var.
Sonra, təklif edirəm ki, 8.0.7-ci maddəyə “xəstəliyin yaranmasına cavabdeh olan şəxslərin məhkəmə iddiası qaldırmaq hüququ” əlavə olunsun. Biz xəstələrə həm də o hüququ müəyyən edirik ki, o, kimin günahı ucbatından xəstələnib. Bu ona görə lazımdır ki, hər hansı bir işçi əgər müəssisənin ucbatından bu xəstəliyə yoluxubsa, onun iddia qaldırıb müvafiq təzminat almaq və yaxud o müəssisənin bağlanması məsələsini qaldırmaq hüququ olsun. Sağ olun.
Sədrlik edən. Sağ olun. Vasif Əliyev.
V. Əliyev. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Bu, çox vacib qanundur və mən şəxsən bunun ikinci oxunuşda qəbuluna müsbət rəyimi bildirəcəyəm. Amma bu qanunla tanış olandan sonra məni bir məsələ düşündürür. Bizim onkologiya sahəsində çox qüdrətli alimlərimiz, eyni zamanda, gözəl diaqnostika mərkəzimiz var. Bəs nə üçün bu vaxta qədər bir dəfə də olsun, bizim alimlər bu sahədə yeni bir metod kəşf etməyiblər?
Mən bunun səbəbini belə başa düşürəm. Yaranmış yeni mərkəzdə ən yüksək texnologiya, aparatlarla təmin olunmuş laboratoriyalar olmadığına görə, yəqin ki, bunların imkanları yoxdur. Ona görə mən çox istərdim, bu qanuna bir əlavə olunsun ki, bizim diaqnostika mərkəzində ən yeni texnologiya ilə, avadanlıqla təchiz olunmuş eksperimental və tətbiqi-elmi laboratoriya yaradılsın. Onda bizim qüdrətli alimlərimiz öz işlərini daha yüksək səviyyədə həyata keçirə bilərlər. Onda biz də fəxr edə bilərik ki, Azərbaycanın alimləri bir metod tətbiq ediblər və bütün dünya bundan istifadə edir. Mənim fikrim budur və mən istərdim, bu, nəzərə alınsın. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Hadi Rəcəbli.
H. Rəcəbli. Minnətdaram, Ziyafət müəllim. İlk növbədə mən çıxış edən bütün deputat həmkarlarıma öz razılığımı bildirirəm. Qanunun keyfiyyətli, işlək olması üçün həm birinci, həm də ikinci oxunuşlarda deputat həmkarlarım dəyərli təkliflərlə çıxış etdilər. Bunlar hamısı layihədə nəzərə alınacaqdır. Bizim komissiyada müzakirə geniş debatlarla nəticələnib. Tanınmış alimlərdən hörmətli Cəmil Əliyev, Əhliman Əmiraslanov, tanınmış həkimimiz İdrak Kazımov, Səhiyyə Nazirliyinin mütəxəssisləri müzakirədə iştirak ediblər. Bu adamlar, sözün əsil mənasında, lazım olan qədər qanuna təkliflər və fikirlər söyləyiblər. Burada bəzi məsələlər aydın olmadı.
Ziyafət müəllim, birinci oxunuşun tələbləri ilə bağlı bəzi statistikanı vermişdik. Məlahət xanım konseptual baxımdan nə tələb olunur, onların hamısını söylədi. O təkliflərin bəziləri də nəzərə alınmışdır. Biz bir sıra nazirliklərə layihəni ikinci oxunuş üçün göndərmişdik. Həm Maliyyə Nazirliyi, həm də digər əlaqədar nazirliklər öz təklif və rəylərini bizə göndəriblər.
Ziyafət müəllim, bizim son vaxtlar məqsədimiz nədir? Büdcənin imkanları yol verir ki, biz maliyyə tutumlu səhiyyə qanunlarını ortaya çıxaraq. Bu qanun da səhiyyədə maliyyə tutumlu qanundur. Biz bilərəkdən bir sıra məsələləri hökumətin, büdcənin üzərinə qoymuşuq. Bu da bu gün Maliyyə Nazirliyi tərəfindən heç bir tərəddüdlə qarşılanmayıb. Hesab edirəm ki, biz gələcəkdə də bu işi davam etdirməliyik. Mən bütün deputat həmkarlarıma dəyərli təkliflərinə görə minnətdarlığımı bildirirəm və hamını layihəyə səs verməyə çağırıram.
Sədrlik edən. Sağ olun, Hadi müəllim. Mən bizim hörmətli həkimlərə müraciət etmək istəyirəm. İdrak müəllim, buyurun.
İ. Kazımov, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Onkoloji Elmi Mərkəzi klinikasının baş həkimi.
Hörmətli deputatlar, Onkoloji yardım haqqında qanuna belə diqqət yetirməyinizə görə sizə minnətdaram. İcazə verin, sizin qiymətli təkliflərinizin böyük əksəriyyətini qəbul edim. Deputat İlham Məmmədov qeyd etdi ki, qanunun 5.0.11-ci maddəsi ilə razıdır, biz də ona minnətdarıq. Deputat İltizam Əkbərli qeyd etdi ki, qanunun 6.0.8-ci maddəsində “illik ayrılan dərman vasitələri” göstərilir. Mən bir anlayış vermək istəyirəm, onkoloji xəstəliklərin müalicəsində müalicə kursu bir dəfə aparılmır, hər ay, hər 28 gündən bir dərman müalicəsi aparılır. O, xəstəliyin gedişindən asılı olaraq müəyyən olunur. Xəstəyə 1 kurs deyil, 6-8 kurs müalicə nəzərdə tutulduğundan biz bu maddədə illik müalicə vəsaitini nəzərdə tutmuşuq. Ona görə burada “illik” sözü yazılıb.
8.0.7-ci maddəyə “şikayət etmək hüququ” fikrini təklif edirsiniz. Hörmətli cənab deputat, məncə, bu, bütün Azərbaycan vətəndaşlarının hüququdur, hər hansı məqamla razı deyilsə, hər zaman şikayət edə bilər.
Hörmətli deputat Miri Qənbərov onkologiya sahəsində mərkəzin yaradılmasını qeyd etdi. Mən böyük məmnuniyyətlə onu qəbul etdim. Mənə elə gəldi ki, Miri müəllim bizim hazırkı onkoloji mərkəzi milli mərkəz kimi qəbul etmək istəyir. Çox sağ olsun, əgər belə olarsa, bu ona böyük status verər.
Hörmətli deputat Qüdrət Həsənquliyev 5.11-ci maddə ilə əlaqədar fikrini dedi. Son mərhələdə müalicə alan xəstələrlə bağlı böyük bir rəqəmin meydana çıxacağından narahat oldu. İstəyirəm, həkim kimi açıqlama verim. Burada spesifik müalicədən söhbət aparılmır. Bəli, kimyəvi dərman preparatları qiymətlidir. Amma simptomatik müalicəni aparmaq üçün preparatlar, yəni ağrısı varsa, analgin, bir az qaşınması varsa suprastin, arada bir frezrastvor, kardiomin vurulması nəzərdə tutulur.
Respublikadan kənarda ixtisas artırılmasına bu gün də icra olunur. Hüquqi iradlara görə bu bizim səlahiyyətimizdə deyil. Digər deputatların dediklərinə cavab olaraq demək istəyirəm ki, bu qanun qəbul olunandan sonra bir sıra proqramlar nəzərdə tutulur. Orada sizin dediyiniz iradlar öz incəlikləri ilə əksini tapacaqdır. Sağ olun.
Sədrlik edən. Sağ olun, İdrak müəllim. Məlahət xanım, buyurun.
M. Həsənova. Sağ olun. Mən qanunun ikinci oxunuşunda fəal iştirak edən, təklif verən, iradlarını bildirən millət vəkillərinə minnətdarlığımı bildirirəm. Burada səslənən fikirlərlə bağlı bir neçə kəlmə demək istəyirəm. İltizam Əkbərli irad tutur ki, 16-cı maddə də çox yığcamdır, bir az limitləşdirilibdir. Mənə elə gəlir ki, bizim bütün qanunlarda belədir. Bunu açıqlamaq, əksinə, qanunun dilini bir az da ağırlaşdırar. 16-cı maddə çox aydın şəkildə, qanunvericilikdə müəyyən edilmiş qaydada yazılmışdır. Qanunvericilikdə necədir, o qaydada da məsuliyyət daşıyır. Miri müəllimə minnətdarlığımı bildirirəm, qanunu dəstəklədi, onun mükəmməl hazırlandığını dedi. Miri müəllim həm də yeni onkoloji mərkəzin yaradılmasından danışdı. Azərbaycanda onkologiya sahəsində həm Əhliman müəllim, həm də Cəmil müəllim kimi kadrlarımız var. Siz bilirsiniz ki, Cəmil Əliyevin rəhbərlik etdiyi mərkəz çox yüksək səviyyədə yenidən qurulur. Yaxın vaxtlarda bu, dünyada fəxr edəcəyimiz mərkəz olacaqdır.
Qüdrət Həsənquliyevin 5.0.10-cu maddə ilə bağlı təklifinə münasibətimi bildirmək istəyirəm. Qüdrət müəllim, məsələn, ABŞ-da və yaxud da Almaniyada belə bir qanun qəbul olunur. Orada yazmırlar ki, ixtisaslı kadrlar xaricdə hazırlansın. Bu gün Azərbaycan yeni inkişaf yoluna qədəm qoyur. Mənə elə gəlir, bu, qanunu çox primitivləşdirər. Dövlətin öhdəliyidir, borcudur ki, istər ucqar kənddə hazırlasın, istərsə də ABŞ-da ixtisaslı kadrlar hazırlasın. Mənə elə gəlir ki, bu maddə çox aydın şəkildə əksini tapmışdır. Mən birinci oxunuşda dedim ki, Azərbaycanda nə qədər onkoloji xəstə var. Bir də xatırladıram ki, bizdə 10 mindən bir qədər çox onkoloji xəstə var. Biz bu qanunu hazırlayarkən Maliyyə Nazirliyi ilə əlaqə yaratmışıq. Bu gün Azərbaycan büdcəsi imkan verir ki, gələcəkdə bu qanun reallaşsın, gerçəkləşsin. Mən millət vəkillərinə öz minnətdarlığımı bildirir və hamını bu qanuna səs verməyə çağırıram.
Sədrlik edən. Sağ olun, Məlahət xanım. Mən də düşünürəm ki, qanun layihəsi üçüncü oxunuş üçün daha da təkmilləşdiriləcək, deyilən təkliflər nəzərə alınacaqdır. Hesab edirəm, artıq qanun layihəsini səsə qoymaq olar.
Qanun layihəsi 4 fəsildən ibarətdir. Xahiş edirəm, I fəslə münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 17.26 dəq.)
Lehinə 93
Əleyhinə 2
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 96
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, II fəslə münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 17.27 dəq.)
Lehinə 90
Əleyhinə 2
Bitərəf 1
Səs vermədi 3
İştirak edir 96
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, III fəslə münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 17.28 dəq.)
Lehinə 95
Əleyhinə 2
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, IV fəslə münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 17.28 dəq.)
Lehinə 89
Əleyhinə 5
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 96
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Nəhayət, qanun layihəsinə ikinci oxunuşda bütövlükdə səs verməyinizi xahiş edirəm.

Səsvermənin nəticələri (saat 17.29 dəq.)
Lehinə 96
Əleyhinə 3
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun. Qonaqlarımıza təşəkkür edirəm, sağ olun.
Növbəti məsələ “İnzibati ərazi vahidləri arasında ərazi məsələləri üzrə mübahisələrə baxılması üçün yaradılan xüsusi komissiyalar haqqında Əsasnamə”nin təsdiq edilməsi barədədir. Regional məsələlər daimi komissiyasının üzvü Rüstəm Xəlilova söz verilir.
R. Xəlilov, Milli Məclisin Regional məsələlər daimi komissiyasının üzvü.
Hörmətli Ziyafət müəllim, hörmətli deputat həmkarlarım! Bu gün sizin müzakirənizə verdiyimiz qanun layihəsi ən aktual məsələlərdən biridir. Yəni bu, rayonlararası, şəhərlərarası inzibati ərazi vahidləri ərazi məsələləri üzrə mübahisələrə baxılması üçün yaradılan xüsusi komissiyalar haqqında əsasnamədir.
Əsasnamə, ümumilikdə, 6 bənddən ibarətdir. Əsasnamə Torpaq Məcəlləsinin 104-cü maddəsinə uyğun olaraq inzibati ərazi vahidləri (rayon və şəhərlər) arasında ərazi məsələləri üzrə mübahisələrə baxılması üçün Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən yaradılan xüsusi komissiyaların təşkilinin və fəaliyyətinin hüquqi əsaslarını müəyyən edir. Komissiyanın yaradılması üçün aralarında ərazi məsələləri üzrə mübahisə olan inzibati ərazi vahidlərindən ən azı biri Azərbaycan Respublikası Milli Məclisinə müraciət etməlidir. Müraciəti Milli Məclisin Sədri Azərbaycan Respublikası Milli Məclisinin Regional məsələlər daimi komissiyasına göndərir. Komissiya bir ay müddətində Milli Məclisin Daxili Nizamnaməsi ilə müəyyənləşdirilmiş qaydada müraciətə baxaraq aşağıdakı qaydaların birini qəbul edir: Müraciət Azərbaycan Respublikasının Torpaq Məcəlləsində göstərilən şərtlərə uyğun olmadıqda komissiyanın yaradılmasına əsas olmadığı barədə qərar çıxarır və həmin qərarı müvafiq inzibati ərazi vahidlərinə göndərir. Komissiya aşağıdakı hüquqlara malikdir: dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarından zəruri məlumatları, sənəd və materialları 15 gün müddətində almaq; mübahisənin tərəflərindən əlavə məlumatlar və sənədlər tələb etmək (tələb olunan məlumatlar və sənədlər 10 gün müddətində komissiyaya təqdim olunmalıdır); məsələni yerində araşdırmaq, lazım gəldikdə öz üzvlərindən birini və ya bir neçəsini Azərbaycan Respublikasının müvafiq rayonuna və şəhərinə göndərmək; münaqişə tərəflərinin nümayəndələrini, eləcə də, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının və müvafiq yerli özünüidarəetmə orqanlarının nümayəndələrini öz iclaslarına dəvət etmək və onların mülahizələrini dinləmək.
Komissiya inzibati ərazi vahidləri arasında ərazi məsələləri üzrə mübahisəyə onun yarandığı gündən 30 gün ərzində baxır. Zəruriyyət olduqda isə bu müddət 30 gün də artırıla bilər. Komissiya mübahisəli məsələlərə baxdıqdan sonra mübahisənin mahiyyəti üzrə əsaslandırılmış qərar qəbul edilir və 30 gün ərzində həmin qərar Azərbaycan Respublikası Milli Məclisinə təqdim edilir. Azərbaycan Respublikası Milli Məclisi komissiyanın qərarına baxaraq müvafiq qərar qəbul edir. Qərar mübahisənin tərəfləri üçün məcburidir və onun icrasını Azərbaycan Respublikasının müvafiq icra orqanı təmin edir.
Komissiyanın işinin təşkili. Komissiyanın fəaliyyətinə rəhbərliyi və işinin təşkilini komissiyanın sədri həyata keçirir. Komissiyanın katibi komissiyanın iclaslarının keçirilməsi və kargüzarlıq işləri ilə məşğul olur. Sədr və katib komissiyanın tərkibindən komissiya üzvlərinin sadə səs çoxluğu ilə seçilir.
Komissiyanın iclasları onun üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətlidir. Komissiyanın qərarları iclasda iştirak edən komissiya üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir.
Nəhayət, sonuncu maddə “Komissiyanın sənədlərinin arxivdə saxlanılması” adlanır. Komissiyanın qərarı, Azərbaycan Respublikası Milli Məclisinin həmin mübahisənin həlli barədə çıxardığı qərarın surəti ilə birlikdə saxlanmaq üçün Azərbaycan Respublikası Milli Məclisinin arxivinə verilir. Hər bir ərazi mübahisəsi ilə bağlı sənədlər arxivdə ayrıca qovluqda saxlanılır. Arxiv sənədlərinin itməsinin, korlanmasının və məhv olmasının qarşısının alınması təmin edilir. Arxiv sənədləri müddətsiz saxlanılır. Sağ olun.
 Sədrlik edən. Sağ olun. Zəhmət olmasa, əyləşin. Hörmətli deputatlar, bu əsasnamənin layihəsi üç oxunuşdan keçəcək. Bu gün birinci oxunuşdur. Çıxış eləmək istəyən varmı? İmamverdi müəllim, təklif var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda buyurun, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 17.36 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 90
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Azərbaycan Respublikasının ərazi vahidlərinin və inzibati ərazi dairələrinin dövlət reyestrinin aparılması və onlara şəhadətnamə verilməsi haqqında” Əsasnamənin təsdiq edilməsi barədədir. Regional məsələlər daimi komissiyasının üzvü Tahir Rzayev, buyurun.
T. Rzayev, Milli Məclisin Regional məsələlər daimi komissiyasının üzvü.
Çox hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Azərbaycan Respublikası dövlət müstəqilliyini əldə etdikdən sonra ölkə daxilində bir çox ərazi vahidlərində və inzibati ərazi dairələrində dəyişikliklər edilmiş, yaxud qeydiyyatdan çıxarılmış, ərazi vahidlərinin və inzibati ərazilərin adları dəyişdirilmiş, onlarda qismən dəyişikliklər aparılmışdır.
Bir formasiyadan digər bir formasiyaya keçdiyimiz, kolxozların, sovetliklərin ləğv edildiyi, bələdiyyələrin fəaliyyət göstərdiyi, vətəndaş cəmiyyətinin yarandığı, regionların sosial-iqtisadi inkişafının sürətləndiyi bir vaxtda bu, təbii bir prosesdir. Mövcud olan ərazi vahidlərinin və ərazi dairələrinin, eləcə də, qeydiyyatdan çıxarılan, adları dəyişdirilən, ərazilərində dəyişikliklər edilən və yeni yaradılan ərazi vahidlərinin və ərazi dairələrinin dövlət reyestrinin aparılması, onların qeydə alınmalarına dair şəhadətnamələrin verilməsi və bu məlumatların bir mərkəzə toplanması bu gün çox vacibdir. Sizə təqdim edilən “Azərbaycan Respublikasının ərazi vahidlərinin və inzibati ərazi dairələrinin dövlət reyestrinin aparılması və onlara şəhadətnamə verilməsi haqqında” Əsasnamə məhz bu mühüm məqsədə xidmət edir.
Əsasnamə “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə uyğun hazırlanmış və Azərbaycan Respublikası Konstitusiyasının, müvafiq qanunvericilik aktlarının tələbinə uyğun həyata keçirilir. Əsasnamə 7 bölmədən - “Ümumi müddəalar”dan, “Dövlət reyestrinin prinsipləri”ndən, “Dövlət reyestrinə daxil olan məlumatlar”dan, “Dövlət reyestri kitabının aparılması qaydaları”ndan, “Ərazi vahidlərinə və inzibati ərazi dairələrinə şəhadətnamələrin verilməsi”ndən, “Qeydiyyat sənədlərinin arxivdə saxlanılması”ndan, “Dövlət reyestri məlumatlarının mühafizəsi”ndən ibarətdir. Xatırladıram ki, dövlət reyestri vahid forma, metod və prinsiplər əsasında aparılır, kağız və elektron daşıyıcılarda tərtib edilir. Reyestr Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən yaradılır.
Əsasnaməyə əsasən, dövlət reyestrinə yeni yaradılan, habelə mövcud olan ərazi vahidləri və inzibati ərazi dairələri daxil ediləcək, onların adları dəyişdirildikdə, qeydiyyatdan çıxarıldıqda, dəyişiklik edildikdə və tabeçilik dəyişdikdə reyestrdə də müvafiq dəyişikliklər aparılacaqdır. Dövlət reyestri ərazi vahidlərinin və inzibati ərazi dairələrinin qeydə alınması, statusunun dəyişdirilməsi, qeydiyyatdan çıxarılması, sərhədlərinin dəyişdirilməsi barədə məlumatlardan, qanunvericilikdə müəyyən edilmiş və saxlanmaq üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilmiş sənədlər toplusundan ibarətdir. Dövlət reyestri Azərbaycan Respublikasının dövlət mülkiyyətindədir. Dövlət reyestri rayon və şəhərlər üzrə aparılır. O, digər meyarlar - illər, ərazinin böyüklüyü, kiçikliyi üzrə də aparıla bilər.
Dövlət reyestrinə ərazi vahidlərinin və inzibati ərazi dairələrinin adı, statusu, onların daxil olduğu ərazi vahidinin adı, tabeliyi, əhalisinin sayı, ərazisi, mərkəzinədək olan məsafə və şəhadətnamələrin verilməsi kimi məlumatlar daxil edilir. Bütün bu məlumatlar Dövlət reyestr kitabında yazılır. Dövlət reyestr kitabının aparılması, qeydiyyat sənədlərinin arxivdə saxlanması qaydaları sizə təqdim olunduğu üçün geniş danışıb vaxtınızı almaq fikrində deyiləm. Onu xatırlatmaq istəyirəm ki, Dövlət reyestr kitabı kağız daşıyıcısı üzərinə parça yapışdırılmış qalın karton üzlü, 100-150 qramlıq ofset kağızda, möhkəm cildlənmiş vəziyyətdə 34×24 santimetr ölçüdə tərtib edilir.
Dövlət reyestr kitabının cildinin üzərində Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri verilir. Kitabın üzərində inzibati ərazi vahidinin (rayonun və şəhərin) adı, ərazi vahidi və ya inzibati ərazi üzrə Dövlət reyestr kitabının kodu yazılır. Reyestr nömrələsindəki birinci iki rəqəm inzibati ərazi vahidinin (rayonun, şəhərin), kəsmə xətt işarəsindən sonrakı hərflər isə müvafiq ərazi vahidinin və inzibati ərazi dairəsinin Dövlət reyestr kitabındakı kodunu göstərir və tire işarəsi qoyulmaqla ərazi vahidinin və ya inzibati ərazi dairəsinin qeydiyyatının sıra sayını göstərir.
Müvafiq icra hakimiyyəti orqanları bu qanun qüvvəyə minənədək bu barədə müraciətlər daxil olduğu gündən 30 gün ərzində müvafiq sənədləri hazırlayıb Milli Məclisə təqdim eləyirlər və bu qanun qüvvəyə mindikdən 30 gün müddətində reyestrin aparılması barədə həmin təşkilatlara müvafiq şəhadətnamələr verilir. Bu şəhadətnamənin forması sizə paylanılıb. Bu şəhadətnamələrdə ərazi vahidinin və ya inzibati ərazi dairəsinin adı, daxil olduğu ərazi vahidinin adı, statusu, ərazisi, dairənin mərkəzinin adı, dövlət reyestrinə daxil edilmə tarixi, bir də reyestr nömrəsi yazılır. Şəhadətnamə Azərbaycan Respublikası Milli Məclisinin möhürü ilə təsdiq edilir. Şəhadətnamə dövlətlərarası standartlar üzrə formatda, kağız üzərində aparılır. Şəhadətnamə ilə yanaşı, ərazi vahidinə və inzibati ərazi dairəsinə sxematik xəritə də verilir.
Hər bir ərazi vahidinin və inzibati ərazi dairəsinin qeydə alınması barədə sənədlər - xəritə, şəhadətnamənin surəti arxivə verilir və reyestr nömrəsi altında saxlanılır. Arxiv işinə məsul şəxs bu sənədlərin saxlanmasını təşkil edir. Qeydə alınmış ərazi vahidi və inzibati ərazi dairəsinin arxiv sənədləri müddətsiz saxlanılır. Dövlət reyestri məlumatlarının mühafizəsini Azərbaycan Respublikasının Milli Məclisi təmin edir.
Bu qanun layihəsi işçi qrupu tərəfindən bir neçə dəfə işlənilib, deputatlar, mütəxəssislər tərəfindən dəyərli təkliflərlə təkmilləşdirilib və bu gün sizin müzakirənizə çıxarılıb. Sizin dəyərli fikirləriniz bu qanunun xeyli təkmilləşdirilməsinə və yekdilliklə qəbul edilməsinə kömək edəcəkdir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Hörmətli deputatlar, bu qanun layihəsi də üç oxunuşdan keçəcək. Bu gün birinci oxunuşdur. Birinci oxunuşla bağlı nə təklif var? Bəxtiyar Əliyev, buyurun.
B. Əliyev. Çox sağ olun, Ziyafət müəllim. Tahir müəllim bu əsasnamə haqqında ətraflı məlumat verdi. Həqiqətən də, bu, vacib bir məsələdir. Komissiya çox mükəmməl bir qanun layihəsi işləyib hazırlayıb. Mən qanun layihəsinin birinci oxunuşda qəbuluna səs verəcəyəm.
Amma bu layihə üzərində ciddi iş aparılmalıdır. Burada bir sıra məsələlər var ki, anlaşılmazlıq yaradır. Dövlət reyestrinə daxil olan məlumatlarda göstərilir ki, ərazi vahidindən və ya inzibati ərazi dairəsindən rayon və şəhər mərkəzinədək, poçt şöbəsinədək məsafə. Məlum deyil. Buna ən yaxın məsafə haradan götürüləcəkdir? Bunun sərhədi necə müəyyənləşdiriləcəkdir?
Eyni zamanda, bilirik ki, artıq daşınmaz əmlakla, əhalinin dövlət reyestri ilə bağlı bir sıra prinsipial qanunlar qəbul olunub. Çox yaxşı olardı ki, həmin qanunlar əsasında bu əsasnaməyə yenidən baxılsın və ikinci oxunuşa daha mükəmməl və həmin qanunlarla uzlaşan bir şəkildə təqdim edilsin. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Sözsüz ki, ikinci oxunuşa qədər qanun layihəsi üzərində iş aparılacaq və o, təkmilləşdiriləcəkdir. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 17.46 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 94
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun. Bununla da iclasımız sona çatır. Sağ olun.

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi