2017-ci il 31 oktyabr tarixli iclasın stenoqramı

BEŞİNCİ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
VIII SESSİYASI İCLASININ

PROTOKOLU № 48

Milli Məclisin iclas salonu.
31 oktyabr 2017-ci il.

İclasa Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini  Z.Əsgərov  sədrlik etmişdir.

İclasda Milli Məclisin 105 deputatı iştirak etmişdir.

Qeydiyyat (saat 11.58 dəq.)
İştirak edir 86
Yetərsay 83

İclasa dəvət olunmuşlar:

Şəlalə Məmmədova, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının sədri.
Əsəd Mirzəliyev, Azərbaycan Respublikası Ali Məh-kəməsinin hakimi.
Xəqani Məmmədov, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. “Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yer-ləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Azərbaycan (AÇG) Limited, BP Eksploreyşn (Kaspian Si) Limited, Şevron Xəzər, Ltd., Ekson Azərbaycan Limited, İnpeks Sausvest Kaspian Si, Ltd., İtoçu Oyl Eksploreyşn (Azərbaycan) İnk., ONGC Videş Limited, Statoyl Abşeron AS, Türkiyə Petrolleri A.O. arasında Sazişin qəbul və təsdiq edilməsi həyata keçirilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
2. “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə Birləşmiş Ərəb Əmirliklərinin Standartlaşdırma və Metrologiya üzrə Əmirlik Orqanı arasında uyğunluq sertifikatlarının və uyğunluq nişanlarının qarşılıqlı tanınması haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
3. “Azərbaycan Respublikası Hökuməti ilə Bermud Adaları Hökuməti arasında uçuşların təhlükəsizliyinə nəzarət üzrə tənzimləyici funksiyaların və vəzifələrin ötürülməsinə dair” Sazişin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
4. Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
5. “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
6. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
7. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
8. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
9. “Geodeziya və kartoqrafiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
10. “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
11. “Müdafiə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
12. “Muzeylər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
13. “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
14. “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
15. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
16. “Sərhəd qoşunları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
17. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
18. “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
19. “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
20. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
21. Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
22. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ saylı Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişikliklər ediləsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
23. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
24. “Çayçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
25. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
26. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
27. “Nəqliyyat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
28. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
29. “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
30. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
31. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
32. “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
33. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
34. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
35. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
36. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
37. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
38. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Aşağıdakı məsələlər müzakirə edilmişdir:

Gündəlik haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələri (saat 11.58 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 89
Nəticə: Qəbul edildi

1. “Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Azərbaycan (AÇG) Limited, BP Eksploreyşn (Kaspian Si) Limited, Şevron Xəzər, Ltd., Ekson Azərbaycan Limited, İnpeks Sausvest Kaspian Si, Ltd., İtoçu Oyl Eksploreyşn (Azərbaycan) İnk., ONGC Videş Limited, Statoyl Abşeron AS, Türkiyə Petrolleri A.O. arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Valeh Ələsgərov, Vahid Əhmədov, Əli Məsimli, Aydın Mirzəzadə, Tahir Kərimli, Sahibə Qafarova, Siyavuş Novruzov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.56 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

2. “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə Birləşmiş Ərəb Əmirliklərinin Standartlaşdırma və Metrologiya üzrə Əmirlik Orqanı arasında uyğunluq sertifikatlarının və uyğunluq nişanlarının qarşılıqlı tanınması haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.58 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

3. “Azərbaycan Respublikası Hökuməti ilə Bermud Adaları Hökuməti arasında uçuşların təhlükəsizliyinə nəzarət üzrə tənzimləyici funksiyaların və vəzifələrin ötürülməsinə dair” Sazişin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.59 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 94
Nəticə: Qəbul edildi

4. Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, İsa Həbibbəyli, Qüdrət Həsənquliyev, Səməd Seyidov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.22 dəq.)
Lehinə 95
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

5. “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.22 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 89
Nəticə: Qəbul edildi

6. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.23 dəq.)
Lehinə 94
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 96
Nəticə: Qəbul edildi

7. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.23 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

8. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.24 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

9. “Geodeziya və kartoqrafiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.25 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

10. “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.25 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 95
Nəticə: Qəbul edildi

11. “Müdafiə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.26 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 94
Nəticə: Qəbul edildi

12. “Muzeylər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.26 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

13. “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.27 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

14. “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.27 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 96
Nəticə: Qəbul edildi

15. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.28 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

16. “Sərhəd qoşunları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.29 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

17. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.30 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 100
Nəticə: Qəbul edildi

18. “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.30 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

19. “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.31 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 99
Nəticə: Qəbul edildi

20. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.32 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

21. Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.32 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

22. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ saylı Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.33 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

23. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Eldar İbrahimov, Fazil Mustafa

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.44 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

24. “Çayçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Eldar İbrahimov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.46 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

25. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.48 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

26. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:
  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.49 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

27. “Nəqliyyat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.49 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

28. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Ziyad Səmədzadə, Tahir Kərimli, Qənirə Paşayeva

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.01 dəq.)
Lehinə 87
Əleyhinə 2
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 89
Nəticə: Qəbul edildi

29. “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Ziyad Səmədzadə, Qüdrət Həsənquliyev, Çingiz Qənizadə, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.10 dəq.)
Lehinə 84
Əleyhinə 2
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 86
Nəticə: Qəbul edildi

30. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.12 dəq.)
Lehinə 83
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 84
Nəticə: Qəbul edildi

31. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.12 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 88
Nəticə: Qəbul edildi

32. “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.14 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 90
Nəticə: Qəbul edildi

33. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli, Qüdrət Həsənquliyev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.19 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 91
Nəticə: Qəbul edildi

34. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.20 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 89
Nəticə: Qəbul edildi

35. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.22 dəq.)
Lehinə 87
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 87
Nəticə: Qəbul edildi

36. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli, Zahid Oruc, Fazil Mustafa, Elşən Musayev, Siyavuş Novruzov, Valeh Ələsgərov, Musa Quliyev, Çingiz Qənizadə, Qənirə Paşayeva,  Şəlalə Məmmədova

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 15.24 dəq.)
Lehinə 76
Əleyhinə 4
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 82
Nəticə: Yetərsay yoxdur

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 15.24 dəq.)
Lehinə 77
Əleyhinə 4
Bitərəf 2
Səs vermədi 2
İştirak edir 85
Nəticə: Qəbul edildi

37. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 15.24 dəq.)
Lehinə 79
Əleyhinə 4
Bitərəf 2
Səs vermədi 0
İştirak edir 85
Nəticə: Qəbul edildi

38. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 15.25 dəq.)
Lehinə 75
Əleyhinə 6
Bitərəf 2
Səs vermədi 1
İştirak edir 84
Nəticə: Qəbul edildi

 

Azərbaycan Respublikası
Milli Məclisi Sədrinin
birinci müavini 
Z.ƏSGƏROV

 

 MİLLİ MƏCLİSİN İCLASI

31 oktyabr  2017-ci il. Saat 12.

Azərbaycan Respublikası  Milli Məclisi Sədrinin
birinci  müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Xoş gördük, hörmətli deputatlar! Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.

Qeydiyyat (saat 11.58 dəq.)
İştirak edir 86
Yetərsay 83

Yetərsay var, sağ olun.
Gündəlik sizə paylanıb, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 11.58 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 89
Nəticə: Qəbul edildi

Gündəlik qəbul edildi, sağ olun.
Gündəliyin müzakirəsinə ehtiyac varmı, ya birbaşa məsələlərə keçək?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Oldu, təşəkkür edirəm.
Gündəliyin 1-ci məsələsi “Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Azərbaycan (AÇG) Limited, BP Eksploreyşn (Kaspian Si) Limited, Şevron Xəzər Ltd., Ekson Azərbaycan Limited, İnpeks Sausvest Kaspian Si, Ltd., İtoçu Oyl Eksploreyşn (Azərbaycan) İnk., ONGC Videş Limited, Statoyl Abşeron AS, Türkiye Petrolleri A.O. arasında Sazişin qəbul və təsdiq edilməsi,  həyata keçirilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqındadır. Milli Məclis sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərova söz verilir. Valeh müəllim, buyurun.
V.Ələsgərov, Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri.
Təşəkkür edirəm, Ziyafət müəllim. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci il 10 oktyabr tarixli 1/647 nömrəli məktubu ilə adı çəkilən sazişin qəbul və təsdiq edilməsi,  həyata keçirilməsinə icazə verilməsi barədə qanun layihəsi Milli Məclisin müzakirəsinə təqdim edilmişdir. İcazənizlə adı çəkilən sazişin bəzi məqamlarını sizə çatdırım.
Birinci növbədə onu deməliyəm ki, sazişin əsas mətni bu gün qüvvədə olan mətndən bir o qədər də fərqlənmir. Ancaq bəzi önəmli məqamlar öz əksini bu yenilənmiş Sazişdə tapıb.
Xatırladım ki, 1994-cü il 20 sentyabr tarixində “Xəzər Dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında” Saziş imzalanmışdır. Sazişin icra olunduğu müddət ərzində, yəni 1995–2017-ci illərdə layihə üzrə ümumi xərclərin həcmi 43,5 milyard dollar təşkil etmişdir. Bunlardan da əsaslı xərclər, yəni kapital qoyuluşları 35 milyard dollara yaxın olmuşdur.
Layihənin icra olunduğu müddətdə Azərbaycan Respublikasının payına düşən gəlir – 130 milyard dollar mənfəət nefti şəklində çatmışdır. Podratçı tərəflərinin ödədiyi mənfəət vergisi 15 milyarda yaxın olmuşdur və Azəri, Çiraq, Günəşli yataqlarının işlənməsində iştirak eləyən Dövlət Neft Şirkətinin ortaq Az AÇG şirkətinin 5,9–6 milyard dollara yaxın mənfəəti olmuşdur. Onunla yanaşı, kontrakt sahəsi üzrə texnoloji ehtiyaclar üçün işlədilməmiş 42 milyard kub metrə yaxın həcmdə təbii səmt qazı dövlətə ödənişsiz çatdırma məntəqəsində təhvil verilmişdir. Bunu da mövcud qiymətlərlə dəyərləndirsək, bir neçə milyard dollar təşkil edir.
Bundan başqa, Azərbaycan şirkətlərinin podratçı və subpodratçı şəklində bu layihədə gördüyü işləri nəzərə alsaq, bu da bir neçə milyard dollar vəsait edir. Ancaq bu günə mövcud olan məlumatlara əsasən kontrakt sahəsi üzrə çıxarıla bilən ehtiyatların miqdarı 500 milyon tona yaxındır və mən əminəm ki, işlər aparıldıqca 500 milyon yox, bundan artıq həcmdə neft ehtiyatları olacaqdır. Qalan neft ehtiyatlarını hasil etmək üçün bugünkü dəyərləndirməyə görə aşağısı 33 milyard dollardan artıq vəsait tələb olunur. Nəzərə alsaq ki, bu gün qüvvədə olan sazişin bitməsinə 7 il müddət qalır, təbii ki, bu müddətdə podratçı tərəflərdən böyük sərmayələrin qoyulmasını gözləmək mümkün olmazdı. Çünki saziş bitsə də, 7 ilə qoyulan vəsaiti qaytarmaq mümkün olmayacaq.
Sizə bir misal gətirim. Kontrakt sahəsinin Azəri yatağından neft hasilatının artırılması üçün yatağın şərq hissəsində yeni platformanın tikilməsi tələb olunur. Bu layihə ilə əlaqədar bütün tədqiqat işləri gələn ilin sonuna bitsə, 2019-cu ildə layihənin maliyyələşməsi haqqında qərar verilsə və müvafiq işlər başlasa, birinci neft bu layihə çərçivəsində ancaq 2023-cü ilin ortalarında hasil edilə bilər. Bu başdan milyardlarla vəsait qoy, 2023-də birinci neft çıxacaq və 2024-də sazişin müddəti bitir – təbii ki, bu, mümkün olan bir şey deyil.
Bu məqsədlə də həm Azərbaycan, həm də xarici podratçılar tərəfindən razılığa gəlinmişdi ki, bu layihəni davam etdirmək və bunun üçün müvafiq sərmayələrin qoyulmasına şərait yaratmaq lazımdır. Bu səbəbdən də düzəliş edilmiş və yenidən tərtib olunmuş saziş 2017-ci ilin 14 sentyabr tarixində Bakı şəhərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və burada oturan çoxlarının iştirakı ilə imzalanmışdır.
Bayaq Ziyafət müəllim sazişi təqdim edəndə tərəflərin hamısının adını bir-bir sadalamışdı. Yeganə bir məsələni nəzərinizə çatdırım ki, tərəflər arasında pay bölgüsü dəyişmişdir. Azərbaycan Dövlət Neft Şirkətinin törəmə şirkəti olan Az AÇG şirkətinin payı 25 faizə qədər qalxmışdır. Xarici şirkətlərin hamısının bir yerdə payı 75 faiz olmuşdur. Bizim törəmə şirkətin pay hissəsi 2 dəfə artmışdır.
Sazişin icrasına dair şərtlər olduğu kimi qalır. Misal üçün, podratçıya kontrakt sahəsinin hüdudları daxilində və həmin sahə ilə bağlı neft-qaz əməliyyatlarını aparmaq üçün vahid və müstəsna hüquq verilir. Podratçıya karbo-hidrogen ehtiyatlarından və neft-qaz əməliyyatlarından savayı hər hansı başqa fəaliyyət növləri ilə məşğul olmaq hüquqları verilmir. Yenilənmiş sazişin qüvvəyə minmə tarixindən 31 dekabr  2049-cu il tarixinədək davam etdirilməsi nəzərdə tutulmuşdur.
Bonus ödənişləri. Nəzərə alaq ki, yeni saziş tam fərqli şəraitdə imzalanır. 1994-cü ildə mövcud olan, ya da təxmin edilən risklərin əksəriyyəti bu gün Azərbaycanda yoxdur. Nə geoloji, nə siyasi, nə nəqliyyat, nə maliyyələşdirmə riskləri, nə də yataqların hüquqi statusu ilə əlaqədar risklər var. Təbii ki, bunlar nəzərə alınaraq Azərbaycan tərəfinin qarşıya qoyduğu bonus ödənişlərinin miqdarı qəbul edilmişdir. Nəticədə xarici podratçı tərəflər Azərbaycan tərəfinə, dövlətə 3 milyard 600 milyon dollar məbləğində bonus ödəyəcəklər. 8 bərabər illik hissələrlə, yəni hər il 450 milyon dollar bonus ödəniləcəkdir. Xarici podratçı tərəflərin ödədiyi bu bonus məbləği əvəzi ödənilən məsrəflərə daxil edilmir.
Əməliyyat şirkəti və işçi heyəti bundan əvvəlki sazişdə olduğu kimi öz əksini tapıbdır. Bir məsələni nəzərinizə çatdırım. Tərəflər razılaşıb ki, mühəndis-texniki işçilərin sayı 90 faizdən, fəhlə heyətinin sayı 95 faizdən aşağı olmamaq şərti ilə Azərbaycan vətəndaşlarından ibarət olmalıdır. Podratçı Azərbaycan Respublikası vətəndaşları olan kadrlarla neft-qaz əməliyyatları ilə bağlı peşə təlimini təmin etməlidir. Bundan öncə olduğu kimi, Azərbaycan vətəndaşı olan kadrların neft-qaz əməliyyatlarında iştirakını təmin etmək, keyfiyyətini artırmaq üçün şərt qoyulubdur ki, əgər bu işlərə ildə 200 min dollardan aşağı vəsait xərclənəcəksə, deməli, bu vəsait ödənilən hesab olunmayacaq, yəni heç vaxt ödənilməyəcəkdir.
Məsrəflərin əvəzinin ödənilməsi standart sxemə uyğun olaraq qalıbdır. Birinci növbədə əməliyyat xərcləri ödənməlidir ki, bu da təbiidir. Əməliyyat xərcləri ödənəndən sonra hasil edilən neftin qalan 50 faizə qədər hissəsi əsaslı xərclərin ödənilməsinə yönəlməlidir. Bundan sonra qalan hissə, mənfəət nefti kimi tərəflər arasında bölünməlidir. Göstərildiyi kimi, artıq əksər risklər aradan qaldırıldığına və layihənin mənfəətliyi yüksək səviyyəyə çatdırıldığına görə tərəflər birmənalı şəkildə razılaşıb ki, mənfəətin 75 faizi dövlətə, 25 faizi podratçı tərəflərə çatacaqdır. Onun da dörddə bir hissəsi Dövlət Neft Şirkətinin törəmə şirkəti olan Az AÇG şirkətinə çatacaqdır.
Təbii səmt qazının əvvəllər olduğu kimi, yenə də texnoloji əməliyyatlarda istifadə olunmayan hissəsi pulsuz Azərbaycan tərəfinə, yəni çatdırılma məntəqəsinə ötürüləcək. Hər hansı kəşf nəticəsində sərbəst təbii qaz yataqlarının mövcudluğu təsdiq olunarsa, bu yataqların kəşfiyyatı və işlənməsi üzrə müstəsna hüququ Dövlət Neft Şirkəti özündə saxlayır. Biz bilirik ki, belə yataqlar var və bu sahədə müstəsna hüquq Dövlət Neft Şirkətində qalır.
Düzəlişin qüvvəyəminmə şərtləri 25-ci maddədə öz əksini tapıbdır. Bu şərtlərdən biri də sazişlə bağlı müvafiq qanun layihəsinin Milli Məclisə müzakirə edilməsi və qəbul edilməsidir.
Hər zaman olduğu kimi, ətraf mühitin qorunması, işlərin təhlükəsiz və beynəlxalq standartlara uyğun aparılması və digər bu kimi məsələlər  26-cı maddə və 9-cu əlavədə hərtərəfli öz əksini tapıbdır. İlkin sazişdə göstərilən sığorta, məsuliyyət və məhsul ödənilməsi təminatları, forsmajor halları, etibarlılıq, hüquq və öhdəliklərin başqasına verilməsi və bunlarla əlaqədar təminatlar, tətbiq edilə bilən qanun, orbitraj, iqtisadi sabitləşmə, məxfilik və sazişdə öz əksini tapmış bunlara bənzər məsələləri təkrar etməyə ehtiyac yoxdur, çünki Milli Məclisdə dəfələrlə belə sazişlər müzakirə olunubdur. İcazənizlə təqdimatı bununla bitirim. Əminəm ki, komitənin iclasında olduğu kimi, Milli Məclisin plenar iclasında da sazişə dəstək verib onu qəbul edəcəyik. Təşəkkür edirəm, çox sağ olun.
Sədrlik edən. Valeh müəllim, çox sağ olun, geniş izahata görə təşəkkür edirəm. İndi isə qanun layihəsinin müzakirəsinə başlayırıq. Vahid Əhmədov, buyurun.
V.Əhmədov. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Mən belə hesab edirəm ki, sentyabr və oktyabr ayları müstəqil Azərbaycan üçün çox önəmli oldu, çünki sentyabr ayında Azərbaycan dövləti tərəfindən belə bir saziş imzalandı, dünən də Azərbaycanın dövlət başçısı tərəfindən tarixi ipək yolunun açılışı oldu və Qazaxıstan yükləri Azərbaycan dəmiryolu vasitəsi ilə Avropaya yola salındı.
Bu, Azərbaycanın tarixi qələbəsidir. Mən belə hesab edirəm, çünki bu dəmir yolunun çəkilişi ilə əlaqədar çox ciddi maneələr var idi. Yadınıza gəlirsə, hələ 10 il bundan qabaq Amerika Senatında o dəmiryolunun çəkilməməsi ilə əlaqədar xüsusi qərarlar qəbul etmək istəyirdilər. Erməni lobbisi çox ciddi təzyiqlər göstərirdi. Bütün bunlara baxmayaraq, mən belə hesab edirəm ki, Azərbaycanın dövlət başçısının siyasi iradəsi nəticəsində bu dəmir yolu istifadəyə verildi və sübut olundu ki, Azərbaycan dövləti müstəqil dövlətdir, müstəqil siyasət aparır və Azərbaycan xalqının mənafeyinə mane olan hadisələrə yol verilmir.
Bu layihənin iqtisadi tərəfini bir yana qoyuram, amma bunun Azərbaycan üçün siyasi əhəmiyyəti var. Azərbaycanın müstəqilliyinin əbədi, daimi olması üçün belə layihələr çox önəmlidir. Yəni Pekindən Londona qədər yük və sərnişin daşımalarında iştirak edən dövlətlər, mən deyərdim ki, Azərbaycanda həmişə sabitliyin qorunub saxlanılmasında, Azərbaycanın müstəqilliyinin daimi və əbədi olmasında maraqlı olacaqlar. Ona görə də mən bu layihəyənin həyata keçirilməsində əziyyəti olan insanlara öz dərin təşəkkürümü, minnətdarlığımı bildirirəm. Azərbaycanın dövlət başçısına siyasi iradəsinə görə təşəkkürümü bildirirəm və bir daha qeyd edirəm ki, bu layihə çox böyük əhəmiyyət kəsb edir. 
Valeh müəllim bu gün təsdiq edəcəyimiz sazişlə əlaqədar geniş məlumat verdi. Əlbəttə, bu kontrakt 1994-cü ilin 20 sentyabrda imzalanmış müqavilənin davamı olaraq qəbul edilməlidir. 1994-cü ildə imzalanmış sazişin nəticəsində Azərbaycanın bütün regionlarında infrastruktur layihələri həyata keçirildi. Azərbaycanın su, qaz, elektrik enerjisi ilə təminatında ciddi problem yaranmadı. Sahibkarlığın inkişafı və qaçqınların məskunlaşması ilə əlaqədar problemlərin həlli məhz bu kontraktın nəticəsində həyata keçirildi. Bu kontraktın davamı olaraq sentyabr ayında imzalanmış saziş 2049-cu ilədək fəaliyyət göstərəcək Bu hətta o kontraktın davamı olsa da, bir qədər müsbət meyllərə malikdir.
Burada qeyd edildi, bizi ən çox narahat edən məsələlərdən biri burada çalışan mühəndis-texniki işçilərin və fəhlə heyətinin tərkibi idi. Çox müsbət haldır ki, mühəndis-texniki işçilərin 90 faizi, fəhlələrin 95 faizi məhz Azərbaycan vətəndaşları olacaqlar.
Burada mənfəət karbohidrogenlərinin paylanması ilə əlaqədar bəzi fikirlər qeyd olundu. SOCAR-ın payının 75 faiz, podratçı təşkilatın payının isə 25 faiz təyin olunması, hesab edirəm ki, Azərbaycan üçün çox əhəmiyyətlidir. Azərbaycana 3,6 milyard dollar bonusun ayrılması, 8 il müddətinə ildə təxminən 450 milyon dollar bonusun Azərbaycana verilməsi Azərbaycanda sahibkarlığın, qeyri-neft sektorunun inkişafına, xüsusilə strateji yol xəritəsinin həyata keçirilməsinə müsbət yardım edəcəkdir.
Ümumiyyətlə, mən hesab edirəm ki, bu saziş çox vacibdir. Bayaq burada qeyd olundu ki, həm də təbii qazın çıxarılması, ümumiyyətlə, “Azəri”,  “Çıraq” və “Günəşli” yataqlarının istifadəsinin 2049-cu ilə qədər davam etdirilməsi, mən deyərdim ki, çox müsbət haldır.
Mənim iki sualım var. Xahiş edərdim ki, Valeh müəllim o suallara cavab versin. Birincisi, bu qanunun 2017-ci ilin 1 yanvarında qüvvəyə minir. Bu nə ilə əlaqədardır? Biz bunu hələ qəbul eləməmişik, niyə 2017-ci ilin 1 yanvarı götürülüb? Səbəbi nədir?
İkinci, bu layihədə Azərbaycan 25 faiz, digər təşkilatlar 75 faiz sərmayə qoymalıdır. Bilmək istərdik ki, ümumi sərmayənin miqdarı nə qədərdir? BP-nin prezidenti çıxışında qeyd etdi ki, təxminən 40 milyard dollara yaxın sərmayə qoyulacaq. Bu rəqəm nə qədər həqiqətə uyğundur deyə bilmərəm. Ümumiyyətlə, mən bu sazişi çox yüksək qiymətləndirirəm və buna səs verəcəyəm. Millət vəkillərini də buna səs verməyə çağırıram. Sağ olun.
Sədrlik edən. Sağ olun. Əli Məsimli, buyurun.
Ə.Məsimli. Çox sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri, media nümayəndələri, xanımlar və cənablar! Hesab edirəm ki, bu gün Milli Məclis çox tarixi bir sazişi müzakirə edir və millət vəkilləri bunu məmnuniyyətlə təsdiq edəcəklər. Hələ 1994-cü ildə “Əsrin müqaviləsi” bağlanan zaman bu müqavilənin reallaşdırılması məsələsi xeyli dərəcədə sual altında idi. Amma bu gün hörmətli Valeh müəllimin çıxışı zamanı verilən statistika açıq formada göstərir ki, həmin layihə Azərbaycan üçün birbaşa 130 milyard dollar və Valeh müəllimin sadaladığı digər məqamları da üstünə gəlsək, səhv eləmirəmsə, 150 milyard dollardan artıq vəsaitin qazanılmasına imkan verib. Hesab edirəm ki, Azərbaycan kimi bir dövlət üçün bu, kifayət qədər böyük bir rəqəmdir.
Digər vacib məqam ondan ibarətdir ki, “Əsrin müqaviləsi” bağlanan və reallaşan zaman Xəzərin karbohidrogen ehtiyatları dünyaya açıldı. Hesab edirəm ki, bunun müəllifi Azərbaycan olduğuna görə kiçik bir Azərbaycan dövləti həm neft ölkəsi kimi yenidən özünü təsdiq elədi, həm də XX əsrin sonu və XXI əsrdə  energetika siyasətində dəyişikliklər etməyə başladı.
Başqa bir məqam. Yəqin mənimlə razılaşarsınız ki, hələ o vaxt yataqlarda olan neft ehtiyatı 511 milyon tondur deyəndə, buna o qədər də böyük inam yox idi. Sonradan 620 milyon ton göstərildi, yenə inam yox idi. Amma bu gün artıq bu, 1 milyard tonun altında göstərildi. Əgər dünyanın aparıcı şirkətləri 30 il müddətinə Azərbaycanla müqavilə bağlayırsa, deməli, bu rəqəm həqiqətdir. Digər tərəfdən isə bu layihənin reallaşdırılmasının kommersiya səmərəsi kifayət qədər yüksəkdir, ona görə bu müqavilə bağlanılır.
Eyni zamanda, qeyd etmək istərdim ki, bu müqavilənin bağlanması və reallaşdırılması Azərbaycanın müstəqilliyinə real məzmun verilməsi nöqteyi-nəzərindən böyük əhəmiyyət kəsb elədi. Müqavilədə iştirak edən ölkələri sadalayanda görürük ki, burada əsas ölkələr iştirak edir. Bu da Azərbaycanda balanslı siyasət yeridilməsinin iqtisadi əsası kimi çıxış edə bildi.
Layihənin sosial səmərəsinə gəldikdə isə aydın məsələdir ki, Azərbaycan bir sıra sosial layihələrin həyata keçirilməsində, büdcənin daim balanslaşdırılmasında həmin vəsaitdən istifadə elədi. Bu da Azərbaycanın  sosial-iqtisadi inkişafının dünyanın orta göstəricisinə və MDB-nin orta göstəricisindən qat-qat yüksək artıma gətirib çıxardı. Bir rəqəm deyim. Son 15 ildə Azərbaycanda iqtisadi artım 4,5 dəfə olubsa, MDB ölkələrində 1,8 dəfə olub. Ən böyük neft ölkəsi olan Rusiyada 1,7 dəfə, Qazaxıstanda 2,8 dəfə olub. Bu rəqəmlərin də müqayisəsi göstərir ki, həmin layihənin reallaşdırılması Azərbaycanın sürətli inkişafına təkan verib. Ümid edirik ki, sentyabrın 14-də bağlanan müqavilə də sadaladığımız istiqamətlərdə Azərbaycan üçün səmərəli olacaq.
Eyni zamanda, burada bir məqamı da qeyd edim. Birinci dəfə də layihə ilə bağlı müəyyən fikirlər var idi. O fikirləri kənar eləməkdən ötrü mənə elə gəlir ki, layihə imzalanan zaman Azərbaycan Prezidentinin çıxışı, SOCAR-ın arayış xarakterli materialları və Valeh müəllimin kifayət qədər detallı izahı açıq formada bir neçə səhifəlik məlumat materialının ortaya çıxmasına gətirib çıxara bilər. Buna da hesab edirəm, bir-iki gün vaxt lazımdır.  Çünki cənab Prezidentin çıxışında strateji xətlər, əsas məqamlar, parametrlər öz əksini tapıb, SOCAR-da kifayət qədər material var, Valeh müəllimin də çıxışı hesab edirəm ki, kifayət qədər sanballı şəkildə bu layihənin mahiyyətini açdı. Ona görə belə bir sənədin ortaya çıxması çox vacibdir.
İkinci bir məqamı qeyd etmək istərdim. Başqa ölkələrin də təcrübəsi göstərir ki, müstəqilliyin ilk illərində iri şirkətlərlə bağlanan müqavilələrdə həmin ölkə müstəqillik istiqamətində kövrək addımlarını atdığına, maliyyə imkanları olmadığına görə şərtlərdə müəyyən güzəştə getməli olur. Amma artıq Azərbaycanın oturuşmuş dövlət kimi formalaşması bu layihəni əvvəlkindən fərqli məqamlar üzrə bağlamağa imkan verir. Ona görə də 2017-ci ilin 14 sentyabrında bağlanan müqavilənin bir sıra əsas məqamlara görə üstünlüyünün ictimaiyyət üçün açılması çox vacibdir. Bunu da  sual formasında qeyd etmək istərdim.
Başqa bir vacib məqamı da qeyd etmək istərdim. Bunun da üstünlüyü var, ona görə deyirəm, qeyd olunsun. Bu layihədə vergi ilə bağlı məsələlər var. 1991-ci ildə mənfəət vergisi ilə bağlı qanuna əsaslanır və orada vergi 25 faizdir. Amma indi Vergi Məcəlləsinə əsaslansaq, mənfəət vergisi 20 faizdir. Burada da müəyyən üstünlüklər var və bunun da ictimaiyyətə açıqlanması, hesab edirəm ki, vacibdir. Yenə də Azərbaycan hökuməti həmin məqamı saxlaması ilə vergi vasitəsilə əlavə vəsaitin əldə edilməsində müəyyən üstünlük qazanır.
Bir də, qeyd edilməsi vacib hesab etdiyim məsələ bu layihənin ekoloji tərəfidir. Mənim yadımdadır, BP-nin nümayəndələri hələ Əsrin müqaviləsi bağlanmadan Azərbaycanla danışıqlar zamanı çox obrazlı ifadə işlədirdilər ki, Azərbaycan tərəfinin bizə heç bir iradı olmayacaq. Zarafat formasında deyirdilər ki, bu layihəni biz reallaşdırsaq, Xəzərin ekoloji təmizliyini təmin edəcəyik və Xəzərdə balıq çoxalacaq. Azərbaycan hökuməti də bizə yalnız onu irad tutacaq ki, bu qədər balığı necə rellaşdıraq? Bu olmadı. Amma mənə elə gəlir ki, birinci layihədə olmadısa da, ikinci layihədə Xəzərin ekoloji məsələlərinin həllinə diqqətin artırılması, hesab edirəm ki, vacibdir.
Növbəti qeyd etmək istədiyim məqam ondan ibarətdir ki, bilirsiniz, saziş bağlanan zaman müəyyən şərtlər qoyulur. Yaxşı olardı ki, həmin sazişdə əgər birinci rəqəm 33 milyard dollar, ikinci rəqəm 40 milyard dollardısa, heç olmasa, orada görülən işlərin 10–15 faizi Azərbaycan ərazisində həyata keçirilsin. Bu həmin sahələrə 10 milyard dollara qədər əlavə vəsait, on minlərlə yeni iş yerinin açılması, qabaqcıl texnologiya, rəqabət qabiliyyətli məhsul istehsalı deməkdir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Buyurun, Valeh müəllim.
V.Ələsgərov. Mən bu qədər sualı, təklifi yadda saxlaya bilməyəcəyəm. Yazıb çatdıra bilmirəm. Ona görə icazə versəniz, iki nəfərdən sonra qısa da olsa, cavab verim. Birinci, bu yenilənmiş sazişdə Azərbaycan şirkətlərinin üstünlüyünü təmin etmək üçün, onların iştirakı xüsusi qeyd olunub və xüsusi şərtlər yazılıb. Çünki bu illər ərzində bu kontrakta görə aldığımız pulların hesabına bu gün Azərbaycanda müvafiq struktur yaradılıb. Müvafiq şirkətlər var, avadanlığı, işçiləri var. Buna görə sizi əmin edirəm ki, bu məsələ kontraktda öz əksini çox yüksək səviyyədə tapıb.
Xəzərin ekologiyası ilə əlaqədar o zaman “BP” nə deyibsə bilmirəm, çünki mən o söhbətdə iştirak etməmişəm. “BP” yox, kim olurolsun, əgər Volqa çayından, başqa çaylardan axan sular yenə çirkli şəkildə gələcəksə, iş gördüyümüz o 400 kilometri lap hasarlasanız da, Xəzər dənizinin ekologiyası dəyişməyəcək. Amma bu layihə çərçivəsində aparılan işlər ən yüksək ekoloji tələblərə cavab verir.
1994-cü ildəki kontraktla bağlı güzəştlərdən söhbət gedəndə mən əsəbiləşirəm. Çünki 1999-cu ildə burada növbəti kontrakt müzakirə olunanda mən dünyanın ən tanınmış konsultant şirkətinin hesabatını göstərdim. O zaman dünyada imzalanmış 359 kontraktın, o cümlədən Azərbaycandan qat-qat qüdrətli dövlətlərdə imzalanmış kontraktların içində “Azəri–Çıraq–Günəşli” müqaviləsi dövlətin maraqlarına uyğunluğuna, dövlətə çatan payına görə bir nömrəli kontrakt göstərilmişdi. Sizi əmin edirəm və harada desəniz isbat eləməyə hazıram. Bu illər ərzində Azərbaycanın bu layihədən aldığını heç bir dövlət bu cür layihədən bu günə qədər almayıb. Yəni mənfəəti, gəlirləri, işçi qüvvəsini deyirəm və sair. 1994-cü il nə qədər çətin olsa da, ulu öndərin rəhbərliyi altında heç kim heç kəsə güzəştə getmədi. Azərbaycan Respublikasının, millətin maraqları ən yüksək səviyyədə qorundu. Ona görə də bu gün biz bu kontraktı əldə edə bilmişik.
Kapital xərclərinin həcmini heç kim dəqiq deyə bilməz, əgər kimsə desə ki, dəqiq bilirəm, inanmayın. Vahid müəllim, Siz istehsalatda işləmiş adamsınız, bilirsiniz ki, bunu bu gün, özü də belə layihədə dəqiq demək mümkün deyil. 33 deyən də düz deyir, 40 deyən də, 37 deyən də. Ola bilsin, 28, 45 olacaq. Bunu gələcəkdə aparılan işlər, yeni məlumatlar ortaya çıxaracaq, çünki yatağın işlənilməmiş hissəsində işlər aparılacaq. Ona görə də yerin altında gedən prosesləri bu gün kimsə dəqiq proqnozlaşdıra bilməz. Başqa məsələlər də var. Qiymətlər bazarda necə qalxıb-düşəcəkdir? Ona görə 33,35,40 – hamısı düz rəqəmlərdir. Sağ olun.
Sədrlik edən. Sağ olun. Aydın Mirzəzadə.
A.Mirzəzadə. Ziyafət müəllim, çıxışların 5 dəqiqə olmasını təklif edirəm, özüm də 5 dəqiqə çərçivəsində çıxış edəcəyimə söz verirəm.
Hörmətli sədarət, hörmətli həmkarlarım! Bildirmək istəyirəm ki, təsdiq etdiyimiz saziş növbəti olsa da, sıradan bir saziş deyil. Bu sazişin imzalanması və bizim tərəfimizdən təsdiqlənməsi, əslində, Azərbaycanın artan siyasi nüfuzunun göstəricisidir. Bundan əvvəlki, indi fəaliyyətdə olan sazişin müddətinin bitməsinə xeyli zaman qalmasına baxmayaraq, Azərbaycan tərəfinin təşəbbüsü ilə sazişə yenidən baxılır. Azərbaycanın pay bölgüsündə faizi artırılır, mənfəət qazının 75 faizə qədərinin Azərbaycana verilməsi nəzərdə tutulur. Eyni zamanda, Azərbaycanla uzun müddətli, 30 il ərzində işlənməsi öhdəliyi götürülür.
Bu o deməkdir ki, həmin şirkətlər bu gün Azərbaycanın böyük siyasi nüfuzu olmasını qəbul edirlər. Həmin şirkətlər bu gün regionda sabitliyin, təhlükəsizliyin olmasında maraqlıdırlar. Eyni zamanda, Azərbaycanın bu istiqamətdə apardığı siyasəti dəstəkləyirlər. Hesab edirəm ki, ulu öndər Heydər Əliyevin, indiki Prezident cənab İlham Əliyevin apardığı siyasətin nəticələrindən biri də bundan ibarətdir.
Elə hesab etməyək ki, bu sazişin bu formada imzalanması, Azərbaycanın maraqlarının yüksək səviyyədə nəzərə alınması asanlıqla başa gəlib. Yada salaq ki, sentyabrın 14-də saziş imzalandı. Ondan bir həftə sonra isə Avropa Şurasının indiki rəhbərliyi Azərbaycana qarşı böhtan, şantaj kompaniyasına başladı. Göründüyü kimi, xaricdəki müəyyən dairələr Azərbaycanın bu müstəqilliyindən, öz maraqlarını yüksək səviyyədə qorumasından, öz neftinin sahibi olmasından heç də razı qalmadılar. Ancaq bu gün Azərbaycan inkişafın o mərhələsindədir ki, artıq kimin onun bu və ya digər addımından nə cür narahat olmasını bir o qədər fikirləşmir, bütün addımlarını öz maraqlarına uyğun olaraq atır.
Bu, birinci dəfə deyil. Bakı–Tbilisi–Ceyhan neft kəməri layihəsi imzalananda da buna qarşı böyük bir kampaniya aparılırdı. Azərbaycana kreditlər verilməsini müxtəlif şərtlərlə əngəlləyirdilər, bizə qarşı böyük təzyiqlər var idi. Amma  kontrakt bağlandı, bu gün həmin layihə işləyir və regionun sabitlik faktorlarından biridir. Bu sazişin bağlanması da öz nəticəsini verəcək.
Bəlkə də bir qədər simvolikdir ki, bu gün parlamentdə saziş təsdiqlənir, dünən isə tarixi bir hadisə – Bakı–Tbilisi–Qars dəmir yolunun açılışı baş tutdu. Bununla da Azərbaycan Şərqlə–Qərb arasında bir körpü rolunu oynadı. Bu o demək deyil ki, ancaq Şərqdən Qərbə axın asanlaşacaq, eyni zamanda, Qərbin də Şərqə yolu kifayət qədər asan olacaq.
Bu, bir daha göstərir ki, Azərbaycanın irəli sürdüyü təşəbbüslər stratejidir, dövrün və gələcəyin, eyni zamanda, təşəbbüskarı olduğu layihələrə qoşulan ölkələrin maraqlarına tam cavab verir. Bu Bakı–Tbilisi–Qars dəmir yolunun çəkilişinə vaxtilə “yox” deyən, ona etiraz eləyən ölkələr dünən ya özləri, ya da səfirlikləri vasitəsilə bu layihəni dəstəklədiklərini bildirdilər. Deməli, Azərbaycanın tutduğu yol düzgündür, onun apardığı siyasət yalnız özünün deyil, digər dövlətlərin də maraqlarına xidmət edir.              
Dünən məxsusi olaraq erməni mətbuatının işə salınan dəmiryolu xəttinə münasibətini izlədim. 15 il bundan əvvəl prezident Robert Koçaryanın mətbuat katibi olmuş, – səhv etmirəmsə, soyadı Vardanyandı, – şəxsin bir fikrinə rast gəldim. O deyir ki, Bakı–Tbilisi–Qars dəmiryolu xətti işə düşəndə Ermənistan artıq uca dağın zirvəsində oturan və aşağıdakı prosesləri izləyən qoca bayquşa bənzəyir. Necə deyərlər, şərh burada artıqdır. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Tahir Kərimli.
T.Kərimli. Təşəkkür edirəm. Hörmətli sədarət, hörmətli həmkarlar! Mən də fürsətdən istifadə edib dövlətimizin və Azərbaycan xalqının  gələcəkdə fayda görə biləcəyi dünənki tarixi hadisə münasibəti ilə xalqımızı təbrik edirəm.
Vahid müəllimin 2017-ci ilin yanvarın 1-dən başlanılma məsələsi ilə bağlı sualı oldu. İstərdim ki, Valeh müəllim ona da öz fikrini bildirəydi. Amma deyim ki, Valeh müəllim çox gözəl, ətraflı şərh verdi, hamısı ilə razıyam. Hələ üstəlik bir neçə məqama da diqqəti yetirmək istərdim. Sazişdə göstərilib ki, gələcəkdə həmin sahədə bütün qaz kəşfləri Azərbaycanın müstəsna səlahiyyətinə daxildir. Eyni zamanda, podratçının birtərəfli qaydada kontrakt sahəsinin hər hansı bir hissəsindən imtina etmək imkanı yoxdur və hər il ayrılmış 3,6 milyard dollar bonusun 450 milyonu 8 il ərzində Azərbaycana daxil olacaqdır.
Mən istəyirdim, bir məsələ ilə bağlı Valeh müəllimlə görüşəm. Dünən, bu gün görüşə  bilmədim. O, hüquqi məsələ ilə bağlıdır. Birinci məsələ odur ki, bu qərar layihəsinin 4-cü bəndi, bir də, sazişin 23.1-ci maddəsi eyni məzmundur. Bu nədən ibarətdir? Biz bilirik, burada da qeyd olunub, saziş qüvvəyə minən andan qanun qüvvəsini alır, hökumət təminatlı bu sazişlər gələcəkdə qəbul edilmiş bütün normativ aktlara nisbətən üstünlük qazanır. Həm 23.1-ci maddədə, həm də bu qərarın 4-cü bəndində bu, qeyd olunub. Amma “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 10.5-ci maddəsində göstərilir ki, həmin sahə üzrə sonradan qəbul edilmiş normativ hüquqi akt əvvəlkinə nisbətən üstünlük hüququ daşıyır.
Ona görə mən hesab edirəm ki, burada bir çətinlik yoxdur. Yəni Konstitusiya qanununa ziddiyyət təşkil etməməsi üçün təklif edərdim ki, dediklərim nəzərə alınsın. Burada bir məsələ var. Həm qanunun maddəsində, həm də qərar hissəsində göstərilir ki, gələcəkdə qəbul ediləcək bütün fərman və sərəncamlardan üstündür. Bunu biz bu cür yazaq: gələcəkdə qəbul ediləcək bütün normativ hüquqi aktlar bu sazişə uyğunlaşdırılır. Bununla biz həm podratçının hüquqlarına təminat veririk, həm də öz qərarımızı dürüstləşdiririk. Yəni gələcəkdə qəbul ediləcək qanunlardan, normativ hüquqi aktlardan üstün olmasını qeyd etməklə “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununa zidd getmiş oluruq. Ona görə məhz həmin yarım cümlə ilə qeyd edə bilərik ki, gələcəkdə qəbul ediləcək normativ hüquqi aktlar bu sazişlə ziddiyyət təşkil etməyəcəkdir. Vəssalam, bununla həll olunur.
Bir də, əvvəllər komitə iclasında demişdim. Məni narahat edən bir məsələ burada da qeyd olunub. Çox yaxşı haldır ki, podratçının neft-qaz kəşfiyyatı sahəsində işlədiyi bütün müddətdə əldə etdiyi torpaq sahəsi SOCAR-ın mülkiyyətinə keçəcək. Əvvəllər bəzən bunu görmürdük, torpaq qanunvericiliyimizlə ziddiyyət əmələ gəlirdi, sanki başqalarının torpaq almaq ixtiyarı var idi. Amma podratçı təşkilatın tərkibində Azərbaycan təşkilatları olmasına baxmayaraq, hər halda bu, Azərbaycan təşkilatı deyil, əcnəbi təşkilatdır və pay bölgüsündə yer alır. Mən istərdim ki, onu bir qədər düzəldək, çünki həmin podratçının o torpaq sahəsini satın almaq ixtiyarı yoxdur ki o torpaq sahəsi sonra da bizə keçsin. Ona görə mən burada da bir balaca düzəliş etməyin tərəfdarıyam. Hesab edirəm ki, bunlar düzələ bilən məsələlərdir.
Sonda Azərbaycanın böyük loqistika mərkəzinə çevrilməsi, limanın tikintisi, dəmiryolunun açılışı, əsrin müqaviləsinin təzələnməsi və Azərbaycanın xeyrinə belə keyfiyyətli müqaviləni yenidən qəbul etməyimiz münasibəti ilə bir daha sizi təbrik edirəm. Çox böyük hadisədir, Allah-təala işimizi avand etsin. Sağ olun.
Sədrlik edən. Sağ olun. Sahibə Qafarova.
S.Qafarova. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli həmkarlar! Burada qeyd edildiyi kimi, bu günlərdə Azərbaycan dövlətinin həyatında çox əhəmiyyətli və əlamətdar hadisələr yaşanmaqdadır. Bir müddət əvvəl “Xəzər dənizinin Azərbaycan sektorunda Azəri–Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında” düzəliş edilmiş və yendin tərtib olunmuş Sazişin imzalanması, dünən isə Bakı–Tbilisi–Qars dəmiryolunun açılış mərasiminin keçirilməsi Azərbaycan dövlətinin qüdrətinin regionda və daha geniş coğrafiyada oynadığı əhəmiyyətli rolun  ifadəsinə çevrilib. Əlbəttə, bizlər müstəqil Azərbaycan dövlətinin vətəndaşları olaraq bu tarixi hadisələrə şahidlik etdiyimiz üçün haqlı qürur hissi keçiririk.
Ulu öndər Heydər Əliyevin müdrikliklə işləyib hazırladığı və təməlini qoyduğu neft strategiyasının uğurla reallaşdırılması sayəsində Azərbaycan hər cəhətdən güclü dövlətə çevrilib. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın gələcək inkişafı və dövlət müstəqiliyinin gücləndirilməsi təminat altına alınmışdısa, bu gün haqqında danışdığımız sazişin imzalanmasının da Azərbaycanın gələcək inkişafı baxımından böyük əhəmiyyəti var.
Bu sazişlə böyük ehtiyatlara malik Azəri–Çıraq–Günəşli yataqlarının  işlənilməsində yeni mərhələ başlayıb. Birmənalı şəkildə qeyd edə bilərik ki, bu sazişdə də Azərbaycanın milli maraqları maksimum dərəcədə nəzərə alınıb. Sazişin imzalanması tərəfdaşlar arasında ölkəmizə qarşı böyük inam formalaşdığını təsdiqləyir. Təbii ki, bu sazişin icrası Azərbaycanın iqtisadi gəlirlərini, qüdrətini artırmaqla yanaşı, onun geosiyasi mövqeyinin, regional lider kimi proseslərə təsirlərinin artmasını da təmin edəcək.
Eyni zamanda, sazişin sosial əhəmiyyətini də xüsusi vurğulamağa ehtiyac var. Bir sıra ölkələrin acı təcrübəsi göstərir ki, zəngin karbohidrogen ehtiyatlarının olması heç də həmin ölkənin firavan, xoşbəxt yaşamasını təmin etməyib, əksinə ayrı-ayrı hallarda təbii sərvətlər inkişafın qarşısında hətta əngələ çevrilib. Bunun əsas səbəbi isə bəzi hallarda milli dövlətlərin neft gəlirlərini səmərəli şəkildə idarə etməmələri ilə bağlıdır. Ölkəmizdə isə neft gəlirlərinin səmərəli idarə edilməsi ilə həm əldə olunan vəsaitlər gələcək nəsillər üçün qorunub  saxlanılır, həm də ölkə üçün strateji əhəmiyyət daşıyan layihələrin icrası həyata keçirilir.
Ötən dövrdə neft gəlirlərinin səmərəli istifadə edilməsi sayəsində ölkəmizdə sosial sferanın prioritetliyi təmin olunub. Bu sahədə respublikamız dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə istinad edib.
Ümumiyyətlə, demək olar ki, müstəqillik illərində bütün ölkə boyunca çox böyük işlər görülüb. İqtisadiyyatın, təhsilin, səhiyyənin və müxtəlif sahələrin maddi-texniki bazası möhkəmlənib, insanların sosial rifahı yüksəlib. Bunların arxasında isə, təbii ki, dövlətin güclü siyasi iradəsi ilə yanaşı, ölkənin təbii ehtiyatlarından səmərəli istifadə olunması haqqında imzalanmış sənədlərin məqsədyönlü və ölkəmizin maraqlarının təmin olunması baxımından uğurla icra olunması dayanır. Beləliklə, sadalanan uğurları və burada qeyd etmədiyimiz digər xeyli sayda böyük gözləntilərimizi nəzərə alaraq hesab edirəm ki, Milli Məclis olaraq Azərbaycan dövlətinin sazişlə bağlı öhdəliklərinin icra olunmasına hər cür dəstək verməliyik. Diqqətinizə görə sağ olun.
Sədrlik edən.  Sağ olun, Sahibə xanım. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. İlk növbədə cənab Prezidenti, xalqımızı dünənki böyük hadisə münasibəti ilə təbrik edirəm. Bu layihənin işə başlaması çox mühüm bir hadisədir. Xalqımızın gələcəyi, müstəqilliyimizin qorunması və təhlükəsizliyimizin təminatı üçün əldə olunan ən əsas amillərdən biridir. Bu il 2 mühüm hadisənin şahidi olduq. Biri indi müzakirə etdiyimiz neft müqaviləsinin müddətinin uzadılması, digəri isə dünən Bakı–Tbilisi–Qars dəmiryolunun işə başlamasıdır. Mən hesab edirəm ki, bu, doğrudan da, Azərbaycan xalqının Azərbaycan tarixində atdığı mühüm addımlardan biridir və ümummilli liderimizin hakimiyyətə gəldiyi dövrdə qarşıya qoyduğu ideyalar addım-addım və çox əziyyətlər, zəhmətlər bahasına həyata keçirilir. Burada Prezidentimizin böyük iradəsi, qətiyyəti və hər an Azərbaycan xalqının maraqlarının üstün tutulması öz əksini tapır. O baxımdan da bu müqavilələrin hər biri xalqımızın gələcəyi üçün atılmış addımlardır. Mən müqaviləni dəstəkləyirəm və ona səs verəcəyəm. Hesab edirəm ki, biz bu sənədi qəbul etməliyik.
Mən özümü xoşbəxt insanlardan biri hesab edirəm. Ona görə ki, hər iki müqavilənin imzalanmasında iştirak edən insanlardan biriyəm. Həm 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanmasında, həm də 1997-ci ildə bu müqavilələrin müddətinin artırılması mərasimində iştirak etmişəm. O vaxtı çoxları “Əsrin müqaviləsi”ni xülya adlandırırdılar. İndi prezidentliyə namizəd olmaq istəyən şəxslər bunu bir röya, qeyri-real bir hadisə hesab edirdilər. Tarix sübut etdi ki, o insanların düşüncəsi, fikirləri, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə, iqtisadiyyatına olan bilgisi xülyadır.
Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasəti 25 ildən sonra o insanlara bir daha başa saldı ki, bunlar nə qədər düzgün, vaxtında atılmış addımlardır. Sevindirici hal ondan ibarətdir ki, vaxtı ilə bu müqaviləni bəyənməyən və yaxud da bunun iqtisadi cəhətdən səmərəli olmamasını deyənlər bu gün bizim parlament zalında oturub dəstəkləyirlər. Bu, sevindirici haldır və mən buna çox sevinirəm. Digərləri də nə vaxtsa başa düşüb bu addımları atacaqlar və dərk edəcəklər ki, Heydər Əliyevin, Prezidentimiz İlham Əliyevin  atdığı hər bir addım Azərbaycan xalqının mənafeyi naminədir. O baxımdan da müqavilə vacibdir və xalqımız, müstəqilliyimiz üçün əhəmiyyətlidir. Nəzər salsaq, görərik artıq Azərbaycan dünyada öz sözünə əməl edən bir dövlət kimi, Azərbaycan Respublikasının Prezidenti isə öz sözünün üstündə duran Prezident kimi qəbul olunur və dəstəklənir.
Bu gün quruculuq, abadlıq işlərinə nəzər salaq. Elə bu müqavilə imzalanan vaxtı da Prezidentimiz öz çıxışında dedi ki, 3000-dən artıq məktəb, bağça tikilib, 500 diaqnostika mərkəzi, xəstəxana, 50-ə yaxın olimpiya mərkəzi tikilibdir. Zavodlar, fabriklər, körpülər tikilib, yollar salınıbdır. Bunların hamısı bağlanan müqavilələrin, onlardan gələn gəlirlərin hesabınadır. Bu da çox asan başa gəlməyibdir.
Hörmətli Valeh müəllim bu müqavilələrin hər birində zəhməti olan insanlardan biridir. Ona görə də Valeh müəllim bu müqaviləni təqdim edəndən sonra hesab edirəm ki, bunu səs verib qəbul edək, çünki onun hər bir xırdalığını, hər bir detalını, hər məsələnin arxasında duran məqamı bu insan çox gözəl bilir. İllərlə Amerikada, Böyük Britaniyada çalışıb. Həmin vaxt cənab Prezidentimiz Dövlət Neft Şirkətinin  birinci vitse-prezidenti idi. Onun rəhbərliyi altında olan nümayəndə heyətinin üzvü kimi bu işlərin hamısının həyata keçməsində iştirak edibdir. Burada Azərbaycanın əleyhinə heç nə tapmaq olmaz. Nə qəbul olunubsa, Azərbaycanın xeyrinə olub.
Bunları ona görə sadalayıram ki, hər biri çox çətinliklə, əziyyətlə başa gəlib. Dünən qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Ərdoğan çox gözəl bir Azərbaycan atalar misalı çəkdi: “Əziyyətlə qazanılan soğan, minnətlə yeyilən baldan şirindir”. Təbii ki, bütün bunlar millətimizin, ümummilli liderimizin, Prezidentimizin əziyyəti bahasına başa gəlibdir və mən bu müqaviləyə uğurlar arzulayıram. Həmkarlarımı da buna səs verməyə çağırıram. Sağ olun.
Sədrlik edən. Sağ olun. Siyavuş müəllim, bu çıxışdan sonra mən güman edirəm ki, müzakirəni dayandırmaq lazımdır. Təkid edən yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Təşəkkür edirəm. Valeh müəllim, buyurun.
V. Ələsgərov.  Kontraktda yazılıb ki, bu saziş təsdiq olunsa, qanun layihəsi qəbul edilsə, qüvvəyə minsə, Dövlət Neft Şirkətinin törəmə şirkəti olan Az AÇG şirkətinin podratçı tərəf olaraq 25 faiz hissəsi 2017-ci il 1 yanvar tarixindən sayılacaqdır və onun payına düşən mənfəətli neft və sair 2017-ci il 1 yanvardan başlayaraq hesablanacaqdır. Sazişin qüvvəyəminmə tarixi isə adi qaydada 35–40 dəfə olduğu kimi buradan keçəcək, imzalanacaq, çap olunacaq, sonra da qüvvəyə minəcəkdir.
Bir də, bu qanunların üstünlüyü və sair məsələlərlə bağlı burada bir yarım saatlıq leksiya oxuya bilərəm. Amma bu məsələləri 40 dəfə müzakirə etmişik, bir də bunu müzakirə etməyə ehtiyac yoxdur. Səsə qoyaq, səs verək, qəbul edək. Sağ olun.
Sədrlik edən. Valeh müəllim, çox sağ olun, təşəkkür edirəm. Bir məsələni yadınıza salmaq istəyirəm. Yadınızdadırsa, 1994-cü ildə “Əsrin müqaviləsi” imzalananda ulu öndərimiz dedi ki, üç dəniz əfsanəsi reallığa çevrildi; Xəzər dənizi, Qara dəniz və Aralıq dənizi. Arzu edək ki, bu kontraktın da yolu həmişə açıq olsun. Xeyirli, uğurlu olsun.
Buyurun, münasibət bildirin.

Səsvermənin nəticələri (saat 12.56 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

Yekdilliklə qəbul edildi, sağ olun.
Növbəti məsələ “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə Birləşmiş Ərəb Əmirliklərinin Standartlaşdırma və Metrologiya üzrə Əmirlik Orqanı arasında uyğunluq sertifikatlarının və uyğunluq nişanlarının qarşılıqlı tanınması haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsidir. Komitə sədri Ziyad Səmədzadəyə söz verilir. Ziyad müəllim, buyurun.
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri.
Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! 2017-ci il mayın 22-də Bakıda imzalanmış bu memorandumun mühüm  iqtisadi əhəmiyyəti vardır. İlk növbədə qeyd etmək lazımdır ki, Azərbaycanın mühüm ticarət əməkdaşı olan Birləşmiş Ərəb Əmirliklərindən ölkəmizə böyük miqdarda mal idxal olunur. Bu memorandum ilk növbədə uyğunluq sertifikatları və nişanların qarşılıqlı tanınması yolu ilə ticarət sahəsində maneələrin aradan qaldırılmasına və mal dövriyyəsinin daha da yüksəlməsinə kömək edəcəkdir.
Memorandum 9 maddədən ibarət olub, əməkdaşlıq istiqamətlərini, məlumatların əldə olunmasını və  digər aktual  məsələləri əhatə edir. Millət vəkillərindən bu qanun layihəsinə səs vermələrini xahiş edirəm. Sağ olun.
Sədrlik edən. Qanun layihəsi ilə bağlı çıxış etmək istəyən varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda, buyurun, münasibət bildirin.

Səsvermənin nəticələri (saat 12.58 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti ilə Bermud Adaları Hökuməti arasında uçuşların təhlükəsizliyinə nəzarət üzrə tənzimləyici funksiyaların və  vəzifələrin ötürülməsinə dair” Sazişin təsdiq edilməsi  barədə Azərbaycan Respublikası qanununun layihəsidir. Ziyad müəllim, buyurun.
Z.Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri!  Uçuşların təhlükəsizliyinə  nəzarət üzrə tənzimləyici funksiyaların və vəzifələrin ötürülməsinə dair müvafiq saziş digər ölkələrlə də bağlanmışdır. Bu  saziş də həmin məqsədi daşıyır ki, uçuşlar  təhlükəsiz olsun, nəzarət funksiyaları və vəzifələr tənzimlənsin. Millət vəkillərindən bu qanun layihəsinin qəbul edilməsinə səs vermələrini xahiş edirəm. Sağ olun.
Sədrlik edən.
Sağ olun. Səməd müəllim, bu qanun layihəsinə sizin komitədə də baxılıb. Əlavəniz varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Təşəkkür edirəm. Xahiş edirəm, münasibət bildirək.
 
Səsvermənin nəticələri (saat 12.59 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 94
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsidir. Komitə sədri İsa Həbibbəyli, buyurun.
İ.Həbibbəyli, Milli Məclisin Elm və təhsil komitəsinin sədri.
Gündəlikdəki 19 məsələ bir məktubla daxil olub. Bunların hamısı 2016-cı il 9 avqustda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi “Elm haqqında” Qanuna uyğunlaşdırma ilə əlaqədar məsələləri əhatə edir. 19  məsələnin hamısı üçün xarakterik olan  əsas cəhət bundan ibarətdir ki, bunlarda “Elm haqqında” Qanunda öz əksini tapmış bəzi terminlər dəqiqləşdirilib. Məsələn, “aspirantura” sözü “doktorantura” sözü  ilə əvəz olunub.  Təklif olunur ki, “aspirant” sözü “doktor” sözü ilə, “elmi tədqiqat müəssisəsi” sözləri “elmi müəssisə” sözləri ilə əvəz olunsun. Bundan başqa, “tətbiqi elmi tədqiqatlar” sözlərinin “eksperimental tədqiqatlar”, “elmi məzuniyyət” sözlərinin “yaradıcılıq məzuniyyəti” sözləri ilə əvəz olunması təklif edilir. 
Elmi müəssisələrlə yanaşı, ölkəmizdə elmi təşkilatlar da fəaliyyət göstərir. “Təhsil haqqında” Qanunda elmi təşkilatlarla bağlı ifadə olmadığı üçün 19 maddənin hər birinə həm də elmi müəssisələrin adları yazılan yerdə “elmi təşkilat” sözlərinin əlavə olunması məqsədəuyğun sayılır. Amma 19 maddədən 7-sində fərqli müddəalar vardır. Onları sizlərin nəzərinə çatdırmaq istəyirəm. 
Əmək Məcəlləsində elmi işçilərin attestasiyası ilə bağlı müddəada elmi işçilərin attestasiyadan keçirilməsi müddəti müəyyən olunub. Çünki bundan qabaqkı sənədlərdə elmi işçilərin attestasiyadan keçirilməsi məsələsi var idi, vahid qayda qoyulmamışdı. Bu isə bəzi hallarda bürokratçılığa aparıb çıxarırdı və haqsız narazılıqlar yarana bilirdi. Ona görə də “Elm haqqında” Qanunda bir qayda olaraq müəyyən olundu ki, elmi müəssisələrdə çalışan hər bir işçi 3 ildən bir, elmi işçi isə 5 ildən bir  attestasiyadan keçirilə bilər. Buna uyğun olaraq, Əmək Məcəlləsinə də həmin müddəanın daxil olunması təklif edilir və  mən elə bilirəm, tam məqsədəuyğundur. Bu, lüzumsuz yoxlamaların aradan qaldırılmasına kömək edəcək.
İkinci, “Elm haqqında” Qanunda olan “fundamental və strateji əhəmiyyətli tədqiqat müəssisələrinin mülkiyyəti özəlləşdirilmir” müddəasının “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa daxil edilməsi məqsədəuyğun sayılır.
“Geologiya və kartoqrafiya haqqında” və bir də, “Heyvanlar aləmi haqqında” qanunlarda olan maliyyələşdirmə məsələsinin bundan sonra o qanunlarda olduğu kimi ancaq dövlət büdcəsi və özəl xərclər hesabına yox, “Elm haqqında” Qanunda nəzərdə tutulan maliyyə mexanizmi ilə həyata keçirilməsi təklif edilir. Orada daha genişdir, digər mənbələr də nəzərdə tutulub. Sahibkarlıqla bağlı mənbələr və sair də var. 
“Yanğın təhlükəsizliyi haqqında” Qanunda  yanğın təhlükəsizliyinə aid tədqiqatların aparılması ilə bağlı mövcud variantda  o sahədə tədqiqat aparacaq istiqamətlərin  hamısının adları sadalanır. Bu sadalanmanı aradan qaldırmaq üçün “yanğın təhlükəsizliyi sahəsində elmi tədqiqatlar müvafiq elmi müəssisə və təşkilatlarda və ali  təhsil müəssisələrində həyata keçirilir” sözlərinin yazılması məqsədəuyğun sayılır. Bu,  hüquqi cəhətdən də doğrudur və daha dəqiq ifadə olunmuşdur.
“Təhsil haqqında” Qanuna edilən dəyişikliklərin bir qismi terminoloji dəqiqliklə və yeni terminlərin əlavə olunması ilə bağlıdır. Amma iki prinsipial məsələ var ki, o barədə millət vəkillərinə məlumat vermək istəyirəm. Onlardan biri ondan ibarətdir ki, 1.0.20-ci maddədə “fəxri professor” adının verilməsi haqqında təhsil müəssisələrinin elmi şuralarının qərar qəbul etməsinə dair müddəa vardır. “Təhsil haqqında” Qanun olduğu üçün yalnız təhsili nəzərdə tuturlar. Amma indi “Elm haqqında” Qanunda da elmi müəssisələrin fəxri doktor vermək hüququ vardır. Ona görə bura “təhsil müəssislərinin elmi şuraları” sözlərindən sonra “elmi müəssisələrin elmi şuralarının” sözlərinin artırılması məqsədəuyğundur. Prosesdə bu cür gedir, reallıqlar var, qanun layihəsində bu var. 
“Təhsil haqqında” Qanunun 1.37-ci maddəsində “professor” elmi adı izah olunarkən “yüksək elm və təhsil göstəricilərinə malik olan (xüsusi qabiliyyət tələb edən sahələr istisna olmaqla) təcrübəli elmi və pedaqoji kadrlara verilən elmi ad” kimi  aydınlaşdırılıb. Amma mövcud variantda “professor” adının elm və təhsil sahəsində bacarıqlarla yanaşı, həm də “elmlər doktoru” elmi adına malik olanlara verilməsi nəzərdə tutulur. İncəsənət, idman və memarlıq sahələrindən başqa. Biz Milli Məclisin Aparatı və Elm  və təhsil komitəsi müvafiq qurumlarla söhbət apardıq. Texniki uyğunsuzluq olduğu etiraf olundu. Əvvəlki variantı, yəni professor elmi adının iş stajı ilə yanaşı, memarlıq, idman, incəsənət sahələri istisna olmaqla “elmlər doktoru” elmi adına malik olan şəxslərə verilməsinin saxlanmasını təklif edirik. 
Təhsil haqlarının ödənilməsi yalnız nağdsız qaydada həyata keçirilir. Bu da “Təhsil haqqında” Qanuna edilən əlavələrdən biridir. Beləliklə, 19 məsələdə “Elm haqqında” Qanuna uyğunlaşdırma ilə bağlı edilən dəyişiklikləri nəzərinizə çatdırdım. Burada bir neçə halı, xüsusilə “Təhsil haqqında” Qanuna edilən əlavədə əvvəlki variantda olan formanın saxlanmasını vacib hesab etdik. Hörmətli deputat yoldaşlarımdan bu məsələlərə səs vermələrini xahiş edirəm. Sağ olun.
Sədrlik edən. İsa müəllim, çox sağ olun. Mən xahiş edirəm, bir məsələyə aydınlıq gətirək. Burada professor adı həm elmi dərəcədir, həm də vəzifədir. Söhbət burada elmi dərəcədən gedir?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Rütbə, elmi rütbə. Aydın oldu.
Bir məsələyə də aydınlıq gətirim. Fəlsəfə üzrə doktorlar var. Onlara da professor adı verilə bilərmi?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Amma bizdə belə professorlar var.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən.  Buyurun.
İ.Həbibbəyli. Cənab İlham Əliyevin təsdiq etdiyi Ali Attestasiya Komissiyasının Əsasnaməsində bu hallar 2008-ci ildə aradan qaldırılıb.  İndi isə yanlış olaraq “Əsas anlayışlar”da “professor” sözü  izah olunarkən “yalnız təcrübəli elmi kadrlara verilir” sözləri yazılıb, “elmlər doktoru” ifadəsi unudulub. Belə olan halda, biz memarlıq, incəsənət, idman sahəsində yox, fizika, kimya, ədəbiyyat sahəsində təcrübəsi olanlara, elmi adı oldu-olmadı “elmlər doktoru” verməliyik. Bu, doğru deyildir, ölkəmizin Prezidenti tərəfindən təsdiq olunmuş Ali Attestasiya Komissiyasının Əsasnaməsinə və “Elm haqqında” Qanunun müddəalarına ziddir. Ona görə də biz mövcud variantın, yəni professor adının alınması üçün  elmlər doktorluğunun vacib şərt olması müddəasının saxlanmasını əhəmiyyətli sayırıq. Yalnız incəsənət, idman və memarlıq sahəsi istisna olmaqla.
Sədrlik edən. Sağ olun. İzahata görə təşəkkür edirəm. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Təşəkkür edirəm, Ziyafət müəllim. Dünən qardaş Türkiyə Respublikasının Prezidentinin qürur günü adlandırdığı tarixi bir hadisə baş verdi, Bakı–Tbilisi–Qars dəmir yolu işə düşdü. Mən ilk öncə istərdim, Sizi, deputat həmkarlarımı, Milli Məclisdə iştirak edən hər bir kəsi, xalqımızı bu münasibətlə təbrik edim və xeyirli, uğurlu olsun deyim.
Hörmətli Ziyafət müəllim, mən Əmək Məcəlləsinin 65-ci maddəsinə edilən dəyişikliklə bağlı fikrimi bildirmək istəyirəm. İsa müəllim çox sağ olsun ki,  bütün qanunlara edilən müvafiq dəyişiklikləri təqdim etdi. Amma xatırlayırsınızsa, biz “Dövlət qulluğu haqqında” Qanunda dəyişiklik etdik,  attestasiyanı ləğv etdik və orada qeyd etdik ki, onlar  5 ildən bir imtahan verib yeni sertifikatlar alacaqlar. Bizim Konstitusiyaya   görə də hamı qanun qarşısında bərabərdir. Burada qeyd olunur ki, elmi işçilər 5 ildən bir attestasiyadan keçəcəklər. Amma belə çıxır ki, qalan işçilər 3 ildən bir. Niyə? Hesab edirəm, bu, doğru deyil. Əgər dövlət qulluqçuları da 5 ildən bir imtahan verirlərsə, onlar da, elmi işçilər də köhnə qayda ilə attestasiyadan keçirlərsə, digərləri üçün də 5 il müəyyən olunmalıdır. Ayrı-seçkiliyə son qoyulmalıdır. Əgər 65-ci maddəni dəyişiriksə, elə bunu dəyişib, hamı üçün 5 il etməliyik. Hamı – mülkiyyət formasından asılı olmayaraq, bütün idarə, müəssisə, təşkilatlarda çalışanlar 5 ildən bir imtahan versinlər və attestasiyadan keçsinlər. İndi bəziləri 1 ildən sonra da attestasiyadan keçə bilərlər. Yəni burada aşağı hədd 1 il, yuxarı hədd 3 ildir. Onda belə çıxır ki, istənilən idarə, müəssisə rəhbəri müəyyən adamlardan canını qurtarmaq üçün bir ildən bir attestasiya keçirə bilər. Onun üçün 65-ci maddə ilə bağlı bu təklifi verirəm.
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunda da dəyişiklik edirik. 6.2.20-ci maddəyə əlavə edirik ki, fundamental və strateji əhəmiyyətli elmi tədqiqatlar aparan dövlət elmi müəssisələri özəlləşdirilə bilməz. Elmi tədqiqatlar dünyanın hər yerində  həm də universitetlərdə aparılır. Biz axı universitetləri özəlləşdirə bilərik və əslində, bu, lazımdır. Mən dəfələrlə məsələləri qaldırmışam ki, biz kapitalist cəmiyyətə keçmişik, Azərbaycanda bazar münasibətləri var. Hazırda dövlətə məxsus olan universitetlər, səhiyyə obyektləri var. Bunları özəlləşdirmək lazımdır.
İkincisi, Ziyafət müəllim, “Dövlət əmlakının özəlləşdirilməsi” haqqında Qanuna da baxmaq lazımdır. Mən elə bu gün oxudum ki, Əmlak Məsələləri Dövlət Komitəsi 150-yə qədər müəssisəsinin özəlləşdirməyə çıxarıb. Amma hərrac keçiriləndən sonra görürük ki, onların cüzi bir hissəsi satılıb. Qiymətləndirmə çox yuxarı olur və 5 dəfə hərrac keçiriləndən sonra qiymətin 50 faiz azaldılmasına icazə verilir.
Düşünürəm ki, biz buna baxmalıyıq. Əgər birinci dəfə hərracda satılmadısa, bunun növbəti hərracda qiymətinin kifayət qədər aşağı salınmasına ehtiyac var ki, özəlləşdirmə həyata keçirilsin. Biz gördük ki, dövlət təsərrüfat sistemi özünü doğrultmadı. Yəni dövlət mülkiyyətində olan əmlakın idarə olunması səmərə vermir, bunu özəlləşdirmək lazımdır. Bunun üçün də özəlləşdirmə mexanizmi sadələşdirilməlidir. Xarici dövlətlərdə bəzən dəyəri 100 milyonlarla olan müəssisə simvolik olaraq 1 dollara özəlləşdirilir. Yəni deyirlər ki, təki sən gəl, investisiya qoy, o müəssisənin işini yenidən qur, onun təyinatını dəyişmə, iş yerləri aç və sair. Hətta dövlət sahibkara kredit verir ki, o müəssisənin işini yenidən qursun. Yəni  bu cür radikal yanaşma olmasa, ciddi, sürətli dəyişikliklərə nail olmaq mümkün deyil.
6-cı maddədə – “Dövlət əmlakının təsnifatı”nda özəlləşdirilməsi qadağan olunan müəssisələrin siyahısı var. Mən düşünürəm ki, o siyahını maksimum daraltmaq lazımdır. O cümlədən də elm, təhsil müəssisələri gələcəkdə özəlləşdirilməyə çıxarıla bilər. Ona görə də 6.2.20-ci maddənin bura salınmasının, sözün doğrusu, əleyhinəyəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Səməd Seyidov.
S.Seyidov. Çox sağ olun, Ziyafət müəllim. Mən İsa müəllimi təbrik edirəm, çox gözəl, vacib və əhəmiyyətli düzəlişlərdir. Bunların hamısına səs verəcəyik. Sadəcə, bir müəllim, elmlə məşğul olan bir şəxs kimi öz münasibətimi bildirmək istəyirəm.
“Professor” sözü fransız dilində müəllim deməkdir. Söhbət ondan gedir ki, mənim fikrimcə, ümumi şəkildə prinsipial bir yanlışlığa yol veririk. Elmi qabiliyyəti olan insan özünü fəlsəfə doktorluğunda, elmlər doktorluğunda sübut edir. Yəni mən bu məsələni, bu sahəni araşdıra bilirəm və bu qabiliyyətləri Ali Attestasiya Komissiyası təsdiq edir. Ancaq ali məktəblərdə pedaqoji fəaliyyətlə məşğul olan yüksək səviyyəli mütəxəssislər “professor”, “dosent” adları alırlar. Biz elmi qabiliyyəti göstərmək imkanı olan şəxsləri pedaqoji fəaliyyəti yüksək səviyyədə həyata keçirən şəxslərlə  birbaşa uzlaşdırmışıq.
Bir tərəfdən, çox düzgündür, qabiliyyəti var, müəllimlik fəaliyyətini də  həyata keçirə bilir. Ancaq həyatda, ali məktəbdə, elmi mühitdə elə bir hadisələr baş verir ki, ən yüksək səviyyədə müəllimlik qabiliyyəti olan bir şəxs elmi dərəcəni almaqda maraqlı deyil. Professor adına layiqdir, ancaq müdafiə etməyib. Fəlsəfə doktoru olub ancaq elmlər doktoru səviyyəsinə qalxmayıb. Belə hadisələr ola bilər, biz bunu görmüşük.  Ona görə biz razıyıq ki, belə bir uzlaşma lazımdır. Ancaq bunu mütləqləşdirmək hesab edirəm ki, o qədər də düzgün deyil. Ancaq yenə də deyirəm, səs verəcəyəm və dəstəkləyəcəyəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Deyəsən, İsa müəllim nə isə demək istəyir. Buyurun, İsa müəllim.
İ.Həbibbəyli. Mən səsləndirdikləri fikirlərə görə deputat həmkarlarıma minnətdarlığımı bildirirəm, çünki bu, ümummilli və əhəmiyyətli məsələdir. Amma “Elm haqqında” Qanunda  yazılıb ki, elmi müəssisələr təyinatı  qoruyub saxlamaqla özəlləşdirilə bilər. Yalnız o müəssisələr özəlləşdirilə bilməz ki, orada fundamental, ölkə miqyaslı, bəzən isə xüsusi təyinatlı strateji tədqiqatlar aparılır. Bunlar da ölkəmiz üçün son dərəcə vacib və əhəmiyyətlidir.
Hesab edirəm ki, belə elmi-tədqiqat müəssisələri həm akademiyaların, həm də təhsil müəssisələrinin tərkibində var. Ona görə bu cür strateji, ölkə miqyaslı, bəzən də qlobal xarakter daşıyan  elmi-tədqiqat laboratoriyalarının, institutların, qurumların özəlləşdirilməsi bu prosesin ləngiməsinə, dayanmasına, dağılmasına səbəb olur. Bu isə ölkə üçün fayda gətirə bilməz.
Təhsil müəssisələrinin və elmi qurumların özəlləşdirilməsinin acı nəticələrini ölkəmiz 90-cı illərdə yaşadı. Hamı onun adını profilinə uyğun şəkildə qoydu, 5 ildən sonra təhsil müəssisəsinin yerində restoranlar tikildi, böyük binalar ucaldıldı. Nəticədə elmi qurumlarımız uduzdu. Biznes elmi mühiti və təhsil mühitini sıxışdırdı. Həmin acı təcrübə bir də yaşanmasın deyə müstəqilliyin indiki mərhələsində “Elm haqqında” Qanunda elmi müəssisələrin yalnız profilinə uyğun olaraq özəlləşdirilməsi və bir sıra elmi qurumların, o cümlədən də fundamental və strateji əhəmiyyətə malik olan müəssisələrin özəlləşdirilməsinin qadağan olunması nəzərdə tutuldu. Bu, ölkəmizdə davamlı, ardıcıl elm siyasətinin aparılmasına xidmət edəcəkdir.
“Professor” sözü haqqında da fikrimi bildirmək istəyirəm. “Professor” sözünün lüğəti mənası, əlbəttə, müəllim deməkdir. Amma statusu, elmi dərəcələrin təsnifatında onun yeri elmi ad deməkdir. Mən Səməd müəllimlə razıyam, ali məktəblərdə, akademiyada çalışan bəzi insanlar sadəcə, fəlsəfə doktorlarıdır və yaxud da ümumiyyətlə, heç onların elmi dərəcələri yoxdur, amma kitabları, xidmətləri var və sair. Əvvəllər Ali Attestasiya Komissiyasının Əsasnaməsində nəzərdə tutulmuşdu ki, elmlər namizədi olub elmi məktəblər yaratmış, əsərləri çox olanlar elmlər doktorluğunu müdafiə edə bilərdilər. Ancaq “professor” elmi adı müəssisənin qərarı ilə verilirdi. Amma xeyli sui-istifadə halları oldu. Elmlər namizədliyini müdafiə edib, bir-iki kitab yazaraq özünü elmi məktəb yaratmış hesab elədi. Son dərəcə çətinlik, xaos yarandı. Nəticə elmin zərərinə oldu. Ona görə burada bu tənzimlənmə aparıldı. Birqayda olaraq elmlər namizədi olandan sonra avtoreferatla yalnız müdafiə eləmək ölkə Prezidentinin sərəncamı ilə təsdiq olunmuş müvafiq əsasnamə ilə aradan qaldırıldı.
Amma Səməd müəllim, belə bir imkan qalır. Siz də, mən də rektor olmuşuq. Müəssisələr özləri bu cür xidməti olan adamlara müəssisə daxilində “professor” elmi adı verirlər. Onların sənədləri Ali Attestasiya Komissiyasına göndərilmir. Onlar diplom, əmək haqqı almırlar, amma xidmətlərinə və əməklərinə görə cəmiyyətdə fərqlənirlər. Belələrinə bəzən “fəxri professor”, “fəxri dosent” və ya “professor əvəzi”, “dosent əvəzi” deyilir. Məncə, bu, daha uyğundur. Çünki elm də  subyektiv halları aradan qaldırmaq üçün bu cür rəğbətləndirmə daha doğrudur. İndiki hal o cür subyektiv halların qarşısını almağa kömək edir. Sağ olun.
Sədrlik edən. Aydındır. Sağ olun, İsa müəllim. Hörmətli deputatlar, 4-cü məsələdən 23-cü məsələyə qədər 19 qanun layihəsinə edilən dəyişikliklər barədə İsa müəllim artıq qeyd elədi. Bilirsiniz ki, 2016-cı il iyun ayının 4-də “Elm haqqında” Qanun qəbul elədik. Bütün bu dəyişikliklər həmin qanuna uyğunlaşdırma məqsədi ilə edilir. Biz bu qanun layihəsini ayrı-ayrılıqda səsə qoymalı və münasibət bildirməliyik.
Buyurun, 4-cü məsələyə – Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.22 dəq.)
Lehinə 95
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, 5-ci məsələyə – “Diplomatik xidmət haqqında” Qanunda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.22 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 89
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.23 dəq.)
Lehinə 94
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 96
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, “Dövlət qulluğu” haqqında Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə münasibət bildirək.    

Səsvermənin nəticələri (saat 13.23 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.24 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, “Geodeziya və kartoqrafiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.25 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.25 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 95
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, “Müdafiə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.26 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 94
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, “Muzeylər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.26 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.27 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.27 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 96
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsidir. Yeri gəlmişkən, bir məsələni aydınlaşdırmaq istəyirəm.  Nizami müəllim, sizə müraciət edirəm. Burada “sanitariya-epidemioloji salamatlıq gedir. “Sağlamlıq” daha doğru olardı, eləmi?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Amma qanunda belə gedib. Yəni gələcəkdə buna baxmaq olar. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.28 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, “Sərhəd qoşunları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.29 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.30 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir                      100
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.30 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.31 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 99
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.32 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, “Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.32 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Nəhayət, bu paketə daxil olan sonuncu məsələ “Azərbaycan Respublikasının hərbi xidmət keçmə haqqında Əsasnaməsi”ndə dəyişikliklər edilməsi barədə qanun layihəsidir. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.33 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Sıra nömrəsi ilə müzakirəmiz davam edir. Növbəti məsələ “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsidir. Eldar müəllim, buyurun.
E.İbrahimov, Milli Məclisin  Aqrar siyasət komitəsinin sədri.
Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli deputat həmkarlarım! “Yaşıllıqların mühafizəsi haqqında” Qanunda bir sıra dəyişikliklərin edilməsi təklif olunur. Bu dəyişikliklər yaşıllıqların mühafizəsi sahəsində qanunvericiliyin dəqiqləşdirilməsi, yaşıllıqların uçotu, kadastrı və monitorinqində idarəetmənin təkmilləşdirilməsi, yaşıllıqların salınması və bərpası işinin genişləndirilməsinin stimullaşdırılması məqsədi ilə edilmişdi.
Təklif olunur ki, həmin qanunun 6.3-cü maddəsində “siyahısını” sözü “siyahısının tərtib edilməsi qaydasını” sözləri ilə əvəz edilsin və bu maddəyə “yaşıllıqların müfəssəl siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən tərtib edilir” məzmununda ikinci cümlə əlavə edilsin. Maddəyə bu dəyişikliyin edilməsi ilə təyinatından və istifadə qaydasından asılı olaraq yaşıllıqların siyahısının tərtib edilməsi qaydası müəyyən ediləcək və həmin qayda əsasında yaşıllıqların müfəssəl siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən tərtib olunacaqdır.
Qanunun 8.2.3, 12.2 və 12.3-cü maddələrinə təklif olunan dəyişikliklərdə yaşıllıqların kadastrını aparan vahid orqan müəyyən olunur. Yaşıllıqların uçotu və monitorinqi ilə bağlı məlumatlar həmin orqana təqdim ediləcək və bu orqanın internet səhifəsində yerləşdiriləcəkdir.  Bu da ölkədə mövcud yaşıllıqlar barədə daim müfəssəl məlumatın əldə olunmasına, onların daha etibarlı qorunmasına xidmət edəcəkdir.
Qanunun 14.7-ci maddəsinə “Yaşıllıq salınması üçün faydalı bitki cinsi və növləri yerli iqlim şəraiti və torpaqların xüsusiyyətləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir” məzmununda ikinci cümlənin əlavə edilməsi təklif olunur. Bu dəyişikliyin edilməsində məqsəd yaşıllıqların salınarkən faydalı bitki cinsi və növünün seçimində vahid yanaşmanın təmin olunmasıdır.
Qanunun 16.1-ci maddəsində ikinci cümlənin əlavə edilməsi təklif olunur. Yaşıllıqların mühafizə tədbirləri müvafiq icra hakimiyyəti orqanına həvalə edilməklə dəqiqləşdirilir.
Qanuna 21.4-cü maddənin əlavə edilməsi təklif olunur. Bu əlavə yaşıllıqların salınması işinin daha da genişləndirilməsini, subyektlərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən əkin materialları, avadanlıq və digər vasitələrlə əvəzsiz təmin edilməsini və əkin materialları yetişdirmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən torpaq sahələri ayrılmasını nəzərdə tutur. Hörmətli həmkarlarımdan layihənin lehinə səs verməyi xahiş edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun, Eldar müəllim. Fazil müəllim çıxış eləmək istəyir. Buyurun.
F.Mustafa. Bayaq gündəliyin müzakirəsində səsimizi eşitmədiniz. Oqtay müəllim deyəsən Sizdən daha tez eşidirdi və ona görə bizə söz verirdi. Vacib məsələləri qaldıracaqdıq. Amma indi bu məsələlər…
Sədrlik edən. Mən axı sizə müraciət elədim. Dedilər ki, çıxış eləmək istəyən yoxdur. Amma gec deyil, buyurun.
F.Mustafa. Ziyafət müəllim, Siz istəyəndə səsi eşidirsiniz. Deməli, bu, yaşıllıqlarla bağlı çox maraqlı bir qanun layihəsidir. Mən Eldar müəllimə təşəkkür edirəm ki, bu məsələ ilə bağlı ətraflı məlumat verdi və bu cür vacib bir qanun layihəsini müzakirəyə çıxardı.
Ziyafət müəllim, mən bu qanunun adı ilə bağlı bir məsələni qeyd eləmək istəyirəm, Eldar müəllim də xahiş edirəm bunu diqqətə alsın. Mətində bütövlükdə yaşıllıqların salınmasından söhbət gedir. Qanunun adı isə “yaşıllıqların mühafizəsi”dir. Mən hesab edirəm ki, gələcəkdə “Yaşıllıqların salınması və mühafizəsi” kimi təqdim olunmalıdır, çünki eyni məsələ deyil. Adın dəyişməsi ikisinin də təşviq olunması baxımından olduqca faydalı olar.
Burada qeyd olunur ki, yaşıllıqların salınması üçün faydalı bitki cinsi və növləri, yerli iqlim şəraiti və torpaqların xüsusiyyəti nəzərə alınmaqla müvafiq icra orqanı tərəfindən müəyyən edilir. İndiyə qədər bunu kim müəyyən edirdi? Yenə müvafiq icra orqanı qeyri-formal da olsa müəyyən edirdi. Bunun, əslində, çox böyük səmərəsi olmadı.
Mən bir məsələni qeyd eləmək istəyirəm. Ötən dəfə də çıxışımda demişdim. Xaricdə xüsusi kino çəkilişi üçün şirkətlər, komissiyalar yaranır. Onlar o ölkələrə pul qoyurlar. Orada iqlimə görə müəyyən olunur ki, burada yaşıllıq, çöllük, dağlıq, əkin ərazisi və sair. Diqqət edirsinizsə, bütün Azərbaycan ərazisində, hətta su olmayan yerlərdə də yaşıllıq salınıb. Bir ildən sonra həmin yaşıllıq quruyur. Biz təbiətin özünün müəyyən etdiyi qaydalara uyğun addım ata bilmirik. Yəni çöldürsə, çöl kimi qalmalıdır da. Burada xüsusi bir ağaclıq salmağa nə ehtiyac var? Harada su təminatı, suvarma imkanları varsa, orada daha böyük parkların salınması, məncə, daha faydalı olardı. Ona görə də bu səlahiyyətin icra hakimiyyəti orqanının əlində cəmlənməsi buna yenilik, yaxud da dəyişiklik gətirməyəcək.
Xaricdə bu işi bələdiyyələr görür. Bələdiyyələrin büdcəsi olur və onlar bu büdcə vasitəsilə yerli şəraitə uyğun olaraq hansı ərazidə park salmaq, haranı yaşıllaşdırmaq və sair məsələləri həll edirlər. İndi qanunda belə bir müddəa nəzərdə tutulur ki, istər vətəndaş, istərsə də bələdiyyələr müvafiq icra orqanına müraciət edirlər, onlar da bunları lazımi vəsaitlə təmin edirlər. Azərbaycanda necə təmin edəcəklər? Tutaq ki, əhali bir ərazidə park, yaşıllıq salmaq istəyir. Kimə müraciət eləsən, deyəcək ki, büdcəmizdə pul yoxdur, yaxud da inventar, filan yoxdur. Demək istədiyim odur ki, real tətbiqi bir az çətin olan qanundur.
Burada bir məsələni də nəzərə almaq lazımdır. Xarici ölkələrdə əhalini o qədər stimullaşdırırlar ki, insanlar özləri yaşadıqları ərazidə həvəslə yaşıllaşdırma işini həyata keçirirlər. Bizdə “əhalinin stimullaşması” deyilən bir anlayış yoxdur. Araşdırın, baxın, müəyyən bir ərazidə yaşıllıq salan insana dövlət səviyyəsində xüsusi bir dəyər, pul mükafatı, yaxud da bir imtiyaz verilibmi? Bu məsələlər çox vacibdir. Əhalini biz stimullaşdırmasaq, bu məsələnin həlli olduqca çətin olacaq.
Bir də, Eldar müəllimin diqqətinə çatdırmaq istəyirəm ki, məsuliyyət məsələsinə baxmaq lazımdır. Vətəndaş haradasa yaşıllıq salmaq istəyirsə, onu inventarla təmin eləməyən müvafiq icra orqanı hansı məsuliyyəti daşıyır? Yəni bu məsələ burada qoyulmalıdır ki, kiməsə müraciət edəndə, ən azı bilsin ki, köməklik göstərməyəndə məsuliyyət daşıyır. Biz ümumi qaydada veririk ki, müvafiq icra orqanı bunu etməlidir, amma heç bir məsuliyyət yoxdur. “Etmirəm” – bundan rahat cavab var ki?
Mən bu qanunu çox vacib hesab edirəm, çünki Azərbaycan üçün bu dəyişiklik çox vacibdir. Əhalini stimullaşdırsaq, heç onu icra orqanı müəyyən eləməsə də, yerli şəraitdə bitən ağacları insanlar tapacaqlar və milyonlarla pul ödəyərək xaricdən bir çox ağacı gətirməyə ehtiyac olmayacaq. Yerli şəraitdə bitən ağaclardan Azərbaycanda gözəl bir yaşıllıq yaratmaq imkanları var. Ona görə bu məsələdə icra orqanının məsuliyyəti məsələsinin qeyd olunması vacibdir ki, onlara müraciət eləyən bələdiyyələrə, qeyri-hökumət təşkilatlarına rahatlıqla rədd cavabı verməsinlər. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Fazil müəllim, sağ olun, təşəkkür edirəm. Mən fikir vermişəm, çox halda konkret müzakirəyə çıxarılan qanunun mətnini bəhanə eləyib söhbəti başqa yerə yönəldirsiniz. Bir halda ki, yaşıllıqlardan danışdınız, mən sizə deyim. Fikir verin, son vaxtlar  Bakı şəhərində onlarca park salınıb.  Hava limanına gedən yolda meşə salınıb. Bütün rayonlarda, demək olar ki, hər ay aidiyyəti təşkilatların, Heydər Əliyev Fondunun xətti ilə yaşıllıqlar salınır. Eyni zamanda, Siz bilirsiniz ki, Yeni Azərbaycan Partiyası ildə bir neçə dəfə yaşıllıqlar salmaqla məşğul olur.
Bunları görmək lazımdır, Fazil müəllim. Bir partiya başqanı olaraq Siz də təşəbbüsdə olun,  yaşıllıq salın. Bütün Azərbaycan meşəyə bürünür, hər yerdə yaşıllıqlar salınır. Hələ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xətti ilə görülən işləri demirəm. Salyan, Lənkəran, Astara tərəfə gedəndə, xahiş edirəm, baxın, necə gözəl yaşıllıqlar, meşələr salınıb. Kənara çıxmaq, baxmaq lazımdır, Fazil müəllim. Tənqid eləməyə nə var ki? Həqiqətən, yaşıllaşma sahəsində çox gözəl işlər gedir. Buyurun, Eldar müəllim.
E.İbrahimov. Çox sağ olun, Ziyafət müəllim, Siz cavab verdiniz. Qanunun adı ilə əlaqədar fikir söylədi. Əgər yaşıllıq salınmayıbsa, yoxdursa, hansı mühafizədən danışacağıq? Yəni bu “Yaşıllıqların mühafizəsi haqqında” Qanun çoxdan qəbul olunub və adı da belə olub. Lazım gələrsə, gələcəkdə yaşıllıqların salınması və mühafizəsi də eləmək olar.
İkinci suala isə Siz cavab verdiniz. Hörmətli Fazil müəllim çox düzgün məsələlər qaldırdı. Amma məsələ burasındadır ki, o, Konstitusiyanı məndən də yaxşı bilir. O bilməlidir ki, kimin hüququ nədən ibarətdir. Biz “müvafiq icra hakimiyyəti orqanı” yazırıq. Müvafiq icra hakimiyyəti orqanı buna nə dərəcədə rəhbərlik edir və bunu bələdiyyəyəmi, insanlaramı, qonum-qonşuyamı tapşıracaq, özü daha yaxşı bilir. Siz buna cavab verdiniz, çox sağ olun.
Sədrlik edən. Başqa çıxış eləmək istəyən yoxdursa, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.44 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Çayçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsidir. Buyurun, Eldar müəllim.
E.İbrahimov. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli deputat həmkarlarım, “Çayçılıq haqqında” Qanunun 10.2-ci maddəsində “sortluq və əkin keyfiyyətlərini təsdiq edən şəhadətnamə və fitosanitar vəziyyətinə dair sertifikat” sözlərinin “fitosanitar vəziyyətinə dair fitosanitar sertifikatı və akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən sortluq və səpin keyfiyyətlərini təsdiq edən uyğunluq sertifikatı” sözləri ilə əvəz edilməsi təklif olunur.
Nəzərinizə çatdırmaq istəyirəm ki, layihə Aqrar siyasət komitəsində müzakirə olunarkən hörmətli həmkarım Novruzəli Aslanov layihəyə redaktə xarakterli düzəliş təklif etmiş və həmin təklif layihənin müəllifi ilə razılaşdırılmışdır. Beləliklə, “Çayçılıq haqqında” Qanunun 10.2-ci maddəsinə təklif olunan  dəyişiklik belə səslənəcək: “onların sortluq və əkin keyfiyyətlərini təsdiq edən şəhadətnamə və fitosanitar vəziyyətinə dair sertifikat” sözləri “onların fitosanitar vəziyyətinə dair fitosanitar sertifikatı və akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən sortluq və səpin keyfiyyətlərini təsdiq edən uyğunluq sertifikatı” sözləri ilə əvəz edilsin. Bu dəyişiklik “Çayçılıq haqqında” Qanunun “Uyğunluğun qiymətləndirilməsi sahəsində ak79kreditasiya haqqında” Qanuna və “Toxumçuluq haqqında” Qanunda dəyişiklik edilməsi barədə 2017-ci il 14 aprel tarixli 607-VQD nömrəli Qanuna uyğunlaşdırma məqsədi ilə hazırlanmışdır. Xahiş edirəm, səsə qoyaq. Sağ olun.
Sədrlik edən. Çıxış eləmək istəyən varmı? 
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirin.

Səsvermənin nəticələri (saat 13.46 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti iki məsələ bir zərfdə daxil olub. Bunlar Azərbaycan Respublikası Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında və “Avtomobil nəqliyyatı haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihələridir. Birinci Qanun layihəsi ilə bağlı, Əli müəllim, siz məlumat verəcəksiniz, buyurun.  
Ə.Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri. 
Çox sağ olun. Hörmətli Ziyafət müəllim, 27-ci məsələ də bu zərfə aiddir. Ona görə icazə versəniz, qısaca məlumat verərdim.
Hörmətli həmkarlar, hələ 2016-cı il 14 oktyabr tarixində İnzibati Xətalar Məcəlləsində gediş haqqının ödəniş alətindən istifadə etməklə ödənilməsi fikri öz əksini tapıb. İndi təqdim olunmuş hər üç qanun layihəsində – həm Mülki Məcəllədə, həm “Avtomobil nəqliyyatı haqqında” Qanunda, həm də “Nəqliyyat haqqında” Qanunda bu anlayışlar öz əksini tapır. Belə ki, ödəniş aləti şəhər-daxili, rayondaxili müntəzəm marşrutlar üzrə sərnişin daşıyan avtobuslarda gediş haqqının elektron qaydada ödənilməsi üçün nəzərdə tutulmuş vasitədir. Bir daha vurğulamaq istəyirəm ki, artıq İnzibati Xətalar Məcəlləsində var və hər 3 qanun layihəsində də bu anlayış öz əksini tapır. Səsə qoyulmasını xahiş edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Ziyad müəllim, əlavəniz yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Mənə elə gəlir hər şey aydındır. Buyurun, xahiş edirəm, Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinə münasibət bildirin.

Səsvermənin nəticələri (saat 13.48 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, “Avtomobil nəqliyyatı haqqında” Qanunda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.49 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, “Nəqliyyat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.49 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. 
Növbəti məsələ “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsidir. Ziyad müəllim, buyurun.
Z.Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Bilirsiniz ki, 2015-ci il noyabrın 1-dən cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə sahibkarlıq sahəsində yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun qəbul edilmişdir. Artıq həmin qanunun qüvvədə olma müddəti bitir.
Qeyd etmək lazımdır ki, bu qanunun qəbul edilməsi sahibkarlıq sistemində xeyli müsbət dəyişikliklərə səbəb olmuşdur. Ona görə də cənab Prezidentin təşəbbüsü ilə təklif olunur ki, qanunun müddəti 2021-ci il 1 yanvar tarixinə qədər uzadılsın. Qeyd etmək lazımdır ki, qanunla yoxlamaların məhdudlaşdırılması və yalnız bu qanunda icazə verilən yoxlamaların həyata keçirilməsi iqtisadiyyatda müsbət nəticələrini göstərmiş, sahibkarlığın inkişafına dəstək olmuşdur.
Eyni zamanda, daha iki yoxlama növünün – dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamaların həyata keçirilməsinə icazə veriləcəkdir. Bunlar isə bilavasitə insanların həyat və sağlamlığının qorunmasına yönəlmiş yoxlamalardır. Fikrimizcə, dərman vasitələrinin keyfiyyətinin yoxlanılması Səhiyyə Nazirliyi tərəfindən, qida məhsullarının yoxlanılması isə qida təhlükəsizliyi üzrə vahid orqan kimi cənab Prezident tərəfindən yaradılmış və 2018-ci ildə fəaliyyətə başlayacaq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçiriləcəkdir. Millət vəkillərindən bu qanun layihəsinin müsbət cəhətlərini nəzərə alıb ona səs vermələrini xahiş edərdim. Sağ olun.
Sədrlik edən. Sağ olun, təşəkkür edirəm. Qanun layihəsi ilə bağlı müzakirəyə başlayırıq. Tahir Kərimli, buyurun.
T.Kərimli. Təşəkkür edirəm. Hörmətli sədrlik edən, çox mühüm dəyişiklikdir. Hesab edirəm, sahibkarlığın müdafiəsi üçün çox vacibdir. Amma mümkün olarsa, 2-ci maddəyə dörd dəyişiklik təklif edərdim. Biz bilirik ki, qida məhsullarının və dərmanların keyfiyyətinin təhlükəsizliyi ilə bağlı məsələlər qoyulur, yoxlamalar mümkündür. Eyni zamanda, dörd məsələ üzrə də mütləq yoxlamaların aparılması mümkündür. Bunlardan biri uşaqların əməyinin istismarı ilə bağlıdır. Bunun yoxlanılması imkanı olsun. İkincisi, texniki təhlükəsizliyin, üçüncüsü, işçilərin uçotunun aparılması, dördüncüsü də sanitariya-gigiyena qaydalarının yoxlanılması imkanı olsun. Mən izah eləmirəm, antisanitariya  halları çoxdur, bəzən beynəlxalq təşkilatlar da bizim qarşımızda bu məsəlləri qoyurlar. Sahibkarların bir qismi isə fürsətdən istifadə edib bu sahədə qarmaqarışıqlıq, antisanitariya halları və sair yaradırlar.
Bir də, Ziyafət müəllim, bir xahişim var. Siz yüksək səviyyəli hüquqşünassınız, həm də Milli Məclisin rəhbərlərindənsiniz. Sizə müraciət edirəm. Misal üçün, mən komitədə vəkilliyin nümayəndəliyi haqqında iki dəfə çıxış etmişəm, bir daha çıxış etməyəcəyəm. Sözümü mətbuatda da demişəm. İndi təkliflərim qəbul olunmaya bilər, eybi yoxdur. Amma elə qanun layihələri gəlir ki, mən deyirəm, bunlar Konstitusiya qanunumuza ziddir, onları qəbul eləmək olmaz. Yaxud dəfələrlə sazişlərdə görmüşük ki, əcnəbilərə torpaq alma səlahiyyəti verilib. Bu bizim qanunumuza ziddir. Əgər biz qəbul ediriksə ki, hazırda qəbul elədiyimiz qanun əvvəlkindən üstündür, deməli, torpaq qanunvericiliyinə ziddir. Adam çıxış eləmək də istəmir, niyə belə narahatçılıq olur, bilmirəm. Biz də istəyirik ki, qanunlarımız daha kamil olsun, seçicilərin tapşırığını, Milli Məclisdəki fəaliyyətimizi yerinə yetirək və sair. Təşəkkür edirəm.
Sədrlik edən. Tahir müəllim, sözün düzü, Siz hansı qanun layihələrini nəzərdə tutursunuz bilmirəm. O ki qaldı xaricilərin burada torpaq almasına, özünüz dediniz, bu, bizim qanunlarımızla, Torpaq Məcəlləsi ilə, Konstitusiyamızla tənzimlənir.
Sizin bayaq qaldırdığınız məsələyə Valeh müəllim çox dəqiq cavab verdi. Söhbət Konstitusiya qanunundan gedir. Dediyiniz məsələ adi qanunlar arasında olan subordinasiyadır. Amma bütün qanunlar Konstitusiya qanunlarına, o cümlədən Konstitusiyaya uyğunlaşdırılmalıdır. Niyə? Çünki Konstitusiya qanununun özü də Konstitusiyanın tərkib hissəsidir, o da Konstitusiya hesab olunur. Söhbət bundan gedir, burada qeyri-adi bir şey yoxdur. Buyurun, Qənirə xanım. 
Q.Paşayeva. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Mən də bu qanun layihəsinə səs verəcəyəm, amma bir məsələni xüsusi olaraq diqqətə çatdırmaq istəyirəm. Təbii ki, hamımız dəstəkləyirik ki, sahibkarlığın fəaliyyətinə qanunsuz, yersiz müdaxilələr olunmasın, çünki, sahibkarlığın inkişafı ölkənin inkişafında əsas faktorlardan biridir. Təbii ki, biz cənab Prezidentin bu istiqamətdəki fikirlərini, tövsiyələrini birmənalı şəkildə dəstəkləyirik ki, sahibkarlığın fəaliyyətinə süni əngəllər olmasın. Bura digər vacib məsələnin daxil edilməsini də dəstəkləyirik, çünki dərman vasitələrinin keyfiyyəti məsələsi birbaşa əhalinin sağlamlığı ilə bağlıdır. Təbii ki, buna ciddi şəkildə nəzarət olunmalı, bu sahədə yoxlamalar həyata keçirilməlidir.
Mən müvafiq qurumlara səslənərək söyləmək istəyirəm ki, yaxın gələcəkdə bir məsələni diqqətə almaq, bu qanunun tətbiq dairəsinə bir məsələni əlavə etmək lazımdır. Bu, əmək müqavilələrinin yoxlanılması məsələsidir. Təbii ki, bu gün sahibkarlıq sahəsində yersiz yoxlamaların, süni maneələrin hamısının əleyhinəyik, amma biz sahibkarlar tərəfindən işçilərin əmək müqaviləsi olmadan çalışdırılmasına və ya maaşlarının əmək müqaviləsindən aşağı göstərilməsinə qarşı da mübarizə aparmalıyıq. Bu, əhalimizin gələcəyinin qorunması deməkdir. Əmək müqaviləsi olmadan çalışan işçilərin gələcəyi nə olacaq? Onlar yeni qanunvericiliyimizlə heç bir pensiya ala bilməyəcəklər.
Yaxud faktiki olaraq aldığı maaşla əmək müqaviləsində göstərilən maaş arasındakı fərq o deməkdir ki, gələcəkdə onlar pensiyalarını sənəddə göstərilən maaşlar çərçivəsində alacaqlar. Bunların gələcək təminatı necə olacaq? Bu da çox ciddi məsələdir. Bununla bağlı müvafiq dövlət qurumu öz işini, fəaliyyətini ciddi şəkildə artırmalıdır, çünki əmək müqavilələri ilə bağlı ciddi narahatlıqlar var.
Bəzən deyirlər ki, insanlar öz hüquqlarını qorusunlar. Təbii ki, hər bir insan hüququnu qorumalıdır, amma bu hüququ qorumaq nə qədər mümkün olur? Təbii ki, insanın iş yerinə ehtiyacı var. O əgər öz hüququnu qoruyaraq tələb edirsə ki, əmək müqaviləsi olsun, maaş əmək müqaviləsindəki kimi göstərilsin, o zaman ona deyirlər ki, sənin yerinə başqa bir işçini dəyərləndirərik. Bu adam ailəsi, həyatı, yaşaması üçün razı olur ki, əmək müqaviləsi olmadan çalışsın. Düşünürəm ki, bu istiqamətdə yaradılmış dövlət qurumu var və onun da vəzifəsi insanlarımızın bu sahədə hüquqlarını qorumaqdır.
Bu qanunun tətbiq dairəsi ilə bağlı məsələlərdə mütləq əmək müqavilələrinin yoxlanılmasına, əmək müqavilələri ilə bağlı məsələlərin öz həllini tapmasına çox ciddi ehtiyac var. Biz bir neçə il sonra bunun ağır nəticələrini hiss edəcəyik. İnsanlar pensiyaya çıxmaq istəyəndə bu çox ciddi problem yaradacaq. İndi bəlkə bu məsələnin həlli mümkünsüzdür, amma yaxın zamanlarda buna da mütləq baxılmalıdır. Necə ki, qanunun tətbiq dairəsi genişləndirilir, oraya dərman vasitələrinin, qida məhsulların keyfiyyəti, təhlükəsizliyinə nəzarət əlavə edilir, hesab edirəm, gələcəkdə bura əmək müqavilələri ilə bağlı məsələləri də əlavə etsək, çox yaxşı olar. Bu vacib dəyişiklikləri də, təbii ki, dəstəkləyəcəyik. Sağ olun.
Sədrlik edən. Sağ olun, təşəkkür edirəm, Qənirə xanım. Bir məsələni Sizə deyim. Mənim yadımdadır, bir neçə il bundan əvvəl bax bu zalda hamımız şikayət edirdik ki, yoxlamalar sahibkarları bezdirib, bunları dayandırmaq lazımdır. Cənab Prezident dərhal münasibət bildirdi və iki il müddətində bu yoxlamalar dayandırıldı. İndi bunun müddətini 2021-ci ilə qədər uzadırıq. İndi də başlamışıq ki, yox, biz yoxlamaları genişləndirməliyik. İndi bu qızıl ortanı haradan tapaq? Mən yenə deyirəm, bizə daxil olan qanun layihəsi budur. Ən zəruri sahələr ki var, – dərmandır, ərzaq məhsullarıdır, – bunlar milli təhlükəsizlik, sağlamlıq problemləridir. Biz hələlik bunlara səs verək, qəbul edək, gələcəkdə lazım olarsa, bunu genişləndirmək olar.
Tahir müəllim burada 4 sahəni əhatə etdi. Mən lap beşinci saya bilərəm. Tamamilə razıyam, hər bir sahədə qayda-qanun olmalıdır. Amma yoxlamaların dairəsini genişləndirməyə başlasaq, yenə gəlib əvvəlki vəziyyətə düşəcəyik. Ona görə də xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.01 dəq.)
Lehinə 87
Əleyhinə 2
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 89
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Hörmətli həmkarlar, təşəkkür edirəm. Mən bir məsələni sizinlə məsləhətləşmək istəyirəm. Artıq saat 2-dir, 3-ə bir dəqiqə işləyib. Etiraz etmirsinizsə, iclasımızı fasiləsiz davam etdirək, çünki qalan məsələləri o qədər də çox deyil. Etiraz yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda davam edirik.
Növbəti məsələ “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsidir. Ziyad müəllim, buyurun.
Z.Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə cənab Prezidentin müvafiq qanununun icrası məqsədi ilə hazırlanmışdır.
Qanunun qüvvədə olan mətni yalnız cinayət əlamətləri olan hüquqpozmalarla bağlı materialların aidiyyəti üzrə göndərilməsini nəzərdə tutursa, təklif olunan  variant həm də inzibati xəta əlamətləri olan hüquq pozmalarını da əhatə edir. Başqa sözlə, Hesablama Palatası audit zamanı inzibati xəta və ya cinayət əlamətləri olan hüquqpozmalar aşkar etdikdə bu materialları müvafiq icra hakimiyyəti orqanına göndərəcəkdir. Məqsəd hüquqpozmalara yol vermiş şəxslər barədə daha təsirli tədbirlərin görülməsini təmin etməkdir. Bu da onunla əlaqədardır ki, Hesablama Palatasının inzibati tənbeh tətbiq etmək səlahiyyəti yoxdur. Millət vəkillərindən xahiş edərdim ki, bu qanun layihəsinə müsbət münasibət bildirsinlər.
Sədrlik edən. Sağ olun. Qanun layihəsi ilə bağlı Qüdrət müəllim çıxış etmək istəyir. Buyurun, Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Təşəkkür edirəm, Ziyafət müəllim. Düşünürəm ki, biz bu dəyişikliyi edə bilmərik. Ona görə ki, bu dəyişiklik Cinayət Məcəlləsi ilə ziddiyyət təşkil edir. Cinayət Məcəlləsinin 307-ci maddəsi cinayəti bilib xəbər verməmə adlanır. Bizim qanunlara görə əgər hər hansı bir şəxs cinayəti bilib, yəni bu cinayət təqibini həyata keçirib ona hüquqi qiymət verən orqana bu barədə məlumat vermirsə, o özü cinayət məsuliyyətinə cəlb olunur. Amma indi biz bu dəyişikliyi etməklə Hesablama Palatasına səlahiyyət veririk ki, o, cinayət əlamətləri olan hüquqpozmalar aşkar etdikdə bu barədə müvafiq orqana məlumat verir və ya Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərir. Artıq burada ona seçim səlahiyyəti verilir. Yəni Ziyafət müəllim, o, prokurorluğa göndərməyə bilər, müvafiq orqana göndərir. Bu, cinayət xarakterlidirsə, müvafiq orqan hər bir halda yenə də bunu Baş Prokurorluğa göndərməlidir. Artıq burada qiymətləndirməni Hesablama Palatası aparmır, müvafiq orqan müəyyənləşdirəcək ki, o cinayət xarakterlidir, yoxsa yox.
Bir çox hallarda da bu müvafiq orqan deyəndə biz açıq deyək də, rəhbərliyin məlumatı olmadan bu tipli cinayətlər az hallarda baş verir. İndi rəhbərliyə məlumat verəcəklər ki, sənin sahəndə yoxlama apardıq, burada cinayət xarakterli əlamətlər var. Bax, istəyirsən prokurorluğa göndər, istəmirsən göndərmə. Hesab edirəm ki, bu da korrupsiyaya qarşı mübarizənin effektivliyini aşağı salacaq. Biz burada Hesablama Palatasını məsuliyyətdən azad edirik, sui-istifadə hallarına yol veririk. Həm də onların qanununu pozmasına şərait yaratmış oluruq. Bir daha söyləyirəm ki, bizim qanunvericilik sisteminə görə qanunlar Cinayət Məcəlləsi ilə ziddiyyət təşkil etdikdə Cinayət Məcəlləsi üstün hüquqi qüvvəyə malikdir. Bu baxımdan, hesab edirəm ki, bu təklifi qəbul etmək olmaz.
Bir də, başa düşmədim ki, hörmətli Ziyad müəllim bunu “Büdcə sistemi haqqında” Qanunla əlaqələndirdi. Onunla bunun nə əlaqəsi var? Bir aydınlıq gətirsin, görək, Prezidentin sərəncamında nə yazılmışdı? Yazılmışdı ki, orada cinayət olanda prokurorluğa məlumat vermə? Yəni  bunu Prezidentin sərəncamına, digər qanuna bağlamaq... Yəni hesab edirəm bunun normal izahı verilməlidir ki, biz niyə bunu edirik və niyə insanların cinayət məsuliyyətindən kənarda qalması üçün onlara yol veririk. Düşünürəm ki, buna qətiyyən yol vermək olmaz. Bu barədə Prokurorluğa məlumat verməlidir və onlar da cinayət məsulliyyətinə cəlb olunmalıdır. Sağ olun.
Sədrlik edən. Qüdrət müəllim, “nə əlaqəsi var” mən sizə deyim. “Büdcə sistemi haqqında” Qanunda göstərilir ki, əgər yoxlama nəticəsində məlum olsa ki, burada cinayət tərkibi yox, hüquqpozmalar var, Hesablama Palatası bu barədə həm yoxlama gedən orqana, həm də müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir. “Büdcə sistemi haqqında” Qanunda bu var, bu, uyğunlaşmadır.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Mən sizin sözünüzü kəsmədim axı, icazə verin, qurtarım da. Yəni “Büdcə sistemi haqqında” Qanunda artıq bu mətn oturub, biz bunu uyğunlaşdırırıq.
O ki qaldı prokurorluq orqanlarına məlumat verilməsinə, Qüdrət müəllim, bu, artıq var. Hesablama Palatası bunu artıq edir. Bizim bu gün əlavə etdiyimiz dəyişiklik inzibati xətalarla bağlıdır. Artıq cinayət tərkibi varsa, bəli, Hesablama Palatası bunu prokurorluq orqanına göndərir. Amma inzibati xətalarla bağlı boşluq var idi və biz onu bura yazırıq ki, bu məsələ yerində otursun. Vəssalam, budur, dəyişikliyin mahiyyəti. Burada qeyri-adi bir şey yoxdur. Buyurun.
Q.Həsənquliyev. Ziyafət müəllim, mən 2-ci maddəni olduğu kimi oxuyuram. Hesablama Palatasının əsas funksiyaları və bu dəyişikliklər qara xətlə verilib. Burada açıq qeyd olunur ki, dövlət əmlakının idarə edilməsinə, onun barəsində sərəncam verilməsinə, dövlət büdcəsinin icra olunmasına, dövlət əmlakının özəlləşdirilməsindən əldə edilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına, hüquqi şəxslərə və bələdiyyələrə dövlət büdcəsindən vəsaitlər ayrıldıqda həmin vəsaitlərin təyinatı üzrə istifadə edilməsinə nəzarətin həyata keçirilməsi zamanı inzibati xəta və ya cinayət əlamətləri olan hüquqpozmalar aşkar edildikdə təxirəsalınmadan materialları müvafiq olaraq müvafiq icra hakimiyyəti orqanına və ya Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərir. Burada “və ya” sözü olmalıdır. Burada “ya” sözü çıxarılmalıdır və “Azərbaycan Respublikasının Baş Prokurorluğuna” olmalıdır. O tamam başqa şeydir. Amma indi burada seçim verir ki, ya ona göndərir, ya prokurorluğa.
Sədrlik edən. Mən anladım Sizi. İcazə verin, deyim, əgər səhv edərəmsə, burada dilçi akademiklər, alimlərimiz var, qatıla bilərlər. Burada “və ya” nə üçün yazılıb? Mən bayaq dedim axı, biz burada yazırıq ki, inzibati xəta, yaxud cinayət olarsa. Yəni törədilmiş ictimai əməlin təhlükəlilik dərəcəsindən asılı olaraq, yəni inzibati xətadırsa, müvafiq icra hakimiyyəti orqanına, cinayətdirsə, Baş Prokurorluğa göndərilir. Bunun mənası bundan ibarətdir. Deyə bildim, Nizami müəllim?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, Çingiz Qənizadə.
Ç.Qənizadə. Çox sağ olun. Mən belə başa düşdüm ki, inzibati xəta əlavə olunduğuna görə “müvafiq icra hakimiyyəti orqanı” salındı, qalan hallar Baş Prokurorluğa aiddir. Amma mənim redaktə xarakterli bir təklifim var, Ziyafət müəllim. Burada qeyd olunur ki, təxirə salınmadan materialları müvafiq olaraq müvafiq icra hakimiyyəti orqanına göndərir. Təklif edərdim ki, “müvafiq olaraq” sözləri buradan çıxarılsın. Yazılsın ki, materialları müvafiq icra hakimiyyəti orqanına və ya Baş Prokurorluğa göndərir. “Müvafiq” sözü iki dəfə işlədilib, birinə ehtiyac yoxdur. Sağ olun.
Sədrlik edən. Ona baxmaq olar. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Ziyafət müəllim, Sizin o fikriniz daha dəqiq buradadır. Ona görə müvafiq olaraq müvafiq icra hakimiyyəti orqanına yazılıb ki, müvafiq olaraq Siz dediyiniz hallarda dövlət orqanlarına, müvafiq olaraq Baş Prokurorluğa göndərir. Yəni buradakı ifadə tam şəkildə dediyiniz fikri əks etdirir. Yəni o statistik yanlışlıq deyil.
Sədrlik edən. Başqa fikir yoxdur? Buyurun, münasibət bildirin.

Səsvermənin nəticələri (saat 14.10 dəq.)
Lehinə 84
Əleyhinə 2
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 86
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti iki məsələ – Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihələri bir məktubla daxil olub. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, 30 və 31-ci məsələlərin mahiyyəti eynidir. Belə ki, bilirsiniz, qanunvericilikdə bir parklanma müddəti 24 saat müəyyən edilib. Bu müddət tamam olmamış nəqliyyat vasitəsinin istifadəçisinin məsuliyyəti yarana bilməz. Məhz buna görə də yeni redaksiya təklif olunur. Daha dəqiq əvvəl belə idi: “24 saatlıq parklanma müddətinin bitməsinə bir saat qalmış”. O çıxarılır, əvəzinə “24 saatlıq parklanma müddəti bitdikdən sonra bir saat ərzində” sözləri əlavə edilir. Yəni bu, sui-istifadə hallarının qarşısı alınması məqsədi daşıyır. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun, təşəkkür edirəm. Əgər çıxış etmək istəyən yoxdursa, xahiş edirəm, 30-cu məsələyə – Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.12 dəq.)
Lehinə 83
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 84
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.12 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 88
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsidir. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli həmkarlar, bilirsiniz ki, qanunvericiliyin müvafiq maddəsində mülki dövriyyəsinə yol verilməyən əşyaların siyahısı mövcuddur. Ora iki yeni əşya əlavə olunur. Belə ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən hazırda elektrik cərəyanının tətbiq edilməsi ilə, həmçinin digər sintetik saplı və təksaplı torlarla balıq və digər bioresursların ovu qadağandır. Bu müddəanın həyata keçirilməsi məqsədi ilə qanunvericiliyimizdə dəyişiklik olmalıdır. Yəni faktiki olaraq bu qadağa mövcuddur, qüvvədədir, ona görə qadağan olunmuş əşyaların siyahısında öz əksini tapmalıdır. Sağ olun.
Sədrlik edən. Sağ olun, Əli müəllim. Çıxış etmək istəyən yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, qanun layihəsinə münasibət bildirin.

Səsvermənin nəticələri (saat 14.14 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 90
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsidir. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Hörmətli həmkarlar, bildiyiniz kimi, bu ilin 30 may tarixində cənab Prezidentin sərəncamı ilə Prezident Administrasiyasının strukturunda müəyyən dəyişikliklər edilmişdir. Hazırda Azərbaycan Respublikasının dövlət müşaviri və Prezident Administrasiyasının rəhbərinin müavini vəzifələri artıq mövcud deyil. Bu məqsədlə “Dövlət qulluğu haqqında” Qanunun müvafiq, yəni təsnifatlar verilən maddəsindən – 11.1-dən və 11.1.2-dən “Azərbaycan Respublikası Dövlət müşavirlərinin vəzifəsi” və “Azərbaycan Respublikası Prezidentinin Administrasiya rəhbərinin müavini vəzifəsi” sözləri çıxarılır. Qanun layihəsinə səs verməyinizi xahiş edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun, Əli müəllim. Qüdrət müəllim, çıxış etmək istəyirdiniz?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun.
Q.Həsənquliyev. Təşəkkür edirəm, Ziyafət müəllim. Doğrudan da, bu, Prezidentin səlahiyyətinə aid olan məsələdir. Amma düşünürəm ki, dövlət idarəetməsində bu islahatlar həyata keçirilərkən müəyyən məsələlər mütləq nəzərə alınmalıdır. Əvvəla, burada Prezident Administrasiyasının rəhbərinin müavini vəzifəsi ləğv olunur. Kifayət qədər yüksək və kifayət qədər geniş səlahiyyətlərə malik olan bir şəxsin müavinlərinin vəzifəsi ləğv olunur. Amma administrasiyaya daxil olan Birinci vitse-prezidentin fəaliyyətini təmin edən struktur bölmənin rəhbərinin müavini, bölmə rəhbərlərinin müavinləri qalır. Bu müavinlik institutu bir titul deyil ki, elə-belə verilsin. Müavinlik ona görədir ki, o, vəzifəli şəxsə yardımçı olsun, onun işinin bir hissəsini öz üzərinə götürsün, müəyyən iş aparsın.
Bizdə adi bir nazirin beş müavini var. Misal üçün deyirəm. Yenə də deyirəm, administrasiya rəhbərinə tabe olan şəxslərin müavinləri var, amma administrasiya rəhbərinin özünün müavini yoxdur. Yəni mən burada, sadəcə, bir məntiq görmürəm. Hesab edirəm, bu məsələlərlə bağlı bir izahat verilməlidir ki, administrasiya rəhbərinin işi azdırmı, yaxud onun tutduğu post daha az səlahiyyətlidirmi?
İkinci, bir məsələni aydınlaşdırmaq, insanlara izahat vermək lazımdır. Misal üçün, bilirik ki, “Dövlət qulluğu haqqında” Qanunda siyasi və inzibati vəzifələr var. Məsələn, Prezidentin köməkçiləri, Birinci vitse-prezident siyasi vəzifədir, ona görə də inzibati vəzifələrin təsnifatında onlar yer tutmurlar. “Dövlət qulluğu haqqında” Qanunun 10-cu maddəsində qeyd olunur ki, siyasi vəzifə tutan şəxslərə “Dövlət qulluğu haqqında” Qanun şamil olunmur. Amma bizdə  indi elə şəxslər var ki, misal üçün deyirəm, həm  Prezidentin köməkçisidir, həm də şöbə müdiridir. Yəni bu həm siyasi, həm də inzibati vəzifə tutur. Bu necə ola bilər?
Onsuz da Yeni Azərbaycan Partiyasında, Prezident Administrasiyasının özündə uzun illər şöbələrdə çalışıb, müavin olub karyerasında yüksəliş gözləyən adamlar var. Düşünürəm ki, qanunvericilik və idarəetmə fəlsəfəsinə uyğun olaraq burada da bir nizam-intizam yaratmağa ehtiyac var ki, bir şəxs eyni zamanda 2 fərqli təyinatlı vəzifə tuta bilməsin. Yəni Prezident köməkçisi institutu kifayət qədər yüksək səlahiyyətli bir institutdur. Bunu şöbə müdiri səviyyəsinə endirib onunla eyniləşdirmək, hesab edirəm ki, olmaz. Dünyanın hər yerində Prezident köməkçiləri ayrıca bir siyasi institutdur və bu barədə düşünmək lazımdır. Bunu diqqətinizə çatdırmaq istədim. Sağ olun.
Sədrlik edən. Sağ olun. Qüdrət müəllim, bu, cənab Prezidentdən daxil olmuş qanun layihəsidir və cənab Prezidentin müstəsna səlahiyyətinə aid olan məsələdir. Ona görə hesab edirəm ki, bunu müzakirə etmək etik baxımdan da düzgün olmazdı.
Buyurun, xahiş edirəm, münasibət bildirin.

Səsvermənin nəticələri (saat 14.19 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 91
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsidir. Əli müəllim, buyurun. 
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli həmkarlar, İnzibati Xətalar Məcəlləsində “İlkin hərbi qeydiyyata alınmaqdan boyun qaçırma” və “Hərbi qeydiyyat qaydalarının pozulması” adlanan 2 maddə mövcuddur ki, bunlarla bağlı cəza hissəsində inzibati cərimənin şərti  tətbiq edilməsi qeyd olunub.  Amma əslində, bilirsiniz ki, bu cür hallarda inzibati  cərimənin şərti tətbiq olunması haqqında qərar çıxarmaq qeyri-mümkündür. Buna görə də qanunvericilik təşəbbüsü subyekti 116.1-ci maddənin İnzibati Xətalar Məcəlləsindən çıxarılmasını təklif edir. Yəni dəqiqləşdirici xarakterli bir layihədir. Qanun layihəsinə səs verməyinizi xahiş edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirin.

Səsvermənin nəticələri (saat 14.20 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 89
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikasının Miqrasiya   Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədədir. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun. Bu dəyişiklik, əslində, uyğunlaşdırma xarakteri daşıyır. Mahiyyətini qısaca söyləyim. Təklif olunan dəyişiklikdə tamamilə düzgün olaraq əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin cəzasının çəkilməmiş hissəsindən azad edilənədək və ya cəzasının qalan hissəsini çəkib qurtaranadək Azərbaycan Respublikasından getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasından söhbət gedir. Yəni formasından asılı olmayaraq istənilən halda cəzasını çəkdikdən sonra Azərbaycanı tərk etməsi mümkündür. Qanun layihəsinə səs verməyinizi xahiş edirəm. Sağ olun.   
Sədrlik edən. Çıxış etmək istəyən yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirin.

Səsvermənin nəticələri (saat 14.22 dəq.)
Lehinə 87
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 87
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Hörmətli deputatlar, gündəlikdəki 36, 37 və 38-ci məsələlər Azərbaycan Respublikasının Ali Məhkəməsi sədrinin qanunvericilik təşəbbüsü əsasında daxil olubdur. Bunlar Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihələridir. Mən hesab edirəm ki, Əli müəllim, bu qanun layihələrini bir yerdə müzakirə etmək olar, amma səsverməni ayrı-ayrı apararıq. Olarmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, Əli müəllim.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, qeyd etdiyiniz kimi, 3 layihə Ali Məhkəmənin sədri tərəfindən təqdim olunub, qanunvericilik təşəbbüsü subyekti qismində Ali Məhkəmə çıxış edib. Məlumat üçün qeyd etmək istəyirəm ki,  bu layihə bizim komitədə çox ciddi müzakirə olunmuşdu. Aparatın hüquqşünasları, komitə üzvləri və Ali Məhkəmənin nümayəndələri ilə bir sıra müddəalarla bağlı müzakirə getdiyinə görə Milli Məclisin gündəliyində məsələnin müzakirəsinin, sadəcə, tarixi dəyişdi. Eyni zamanda, qeyd etmək istəyirəm ki, bu layihə bir çox mütərəqqi müddəaları, xüsusilə də məhkəmə baxışlarının daha sürətli həyata keçirilməsini özündə ehtiva edir.
Hörmətli millət vəkilləri, mən daha çox müzakirəyə səbəb olmuş məsələ ilə bağlı sizi məlumatlandırmaq istəyirəm. Hesab edirik ki, tamamilə düzgün olaraq layihədə Azərbaycanda beynəlxalq praktikanı, xüsusilə də Avropa praktikasını nəzərə almaqla fiziki şəxslərin nümayəndəliyinin məhdudlaşdırılması təklif olunur. Bildiyiniz kimi, Türkiyədə, Almaniyada, Fransada, İtaliyada, İspaniyada və bir çox ölkələrdə vətəndaşların nümayəndəsi yalnız vəkil ola bilər. Bir qrup ölkələrdə isə ancaq müəyyən qrup müstəsna hal təşkil edə bilər. Bizim layihədə bu, yaxın qohumlardır. Yəni nümayəndə kimi çıxış etməyə ancaq bir qrup insan, fiziki şəxslər üçün icazə verilir. 
Müzakirələr zamanı o da millət vəkillərinin diqqətinə çatdırıldı ki,   belə bir keçid ümumən mütərəqqi olsa da, amma vəkillərin sayının ölkədə az olması  bu keçidin qısa zamanda həyata keçirilməsinə mane ola bilər. Layihə üzərində işlər davam etdirildi, çünki Vəkillər Kollegiyasının nümayəndələri də müzakirələrdə iştirak edirdi. Layihəyə xüsusi bir keçid müddəaları təklif olundu. Təklif olunur ki, bu qanun ilkin variantda dekabrın 1-də qüvvəyə minir. Bizim təklifimiz yanvar ayının 1-i idi. Mən təşəkkür edirəm ki, qanunvericilik subyekti, Ali Məhkəmə bununla razılaşdı.
İkinci təklif isə ondan ibarət idi ki, hazırda məhkəmə proseslərində nümayəndə qismində iştirak edənlər var, onlar bu prosesləri başa çatdırmalıdır. Ona görə də “Keçid müddəaları”nın 2.2-ci maddəsinə “məhkəmələrdə baxılmaqda olan işlər üzrə nümayəndə qismində iştirak edən şəxslərə həmin işlər müvafiq instansiya məhkəmələrində mahiyyəti üzrə  həll edilənədək şamil olunmur” müddəası salındı. Hesab edirəm ki, belə bir keçid müddəası bir çox ölkələrdə, o cümlədən qonşu Ukraynada olduğu kimi, mərhələli keçidə xidmət edir.
Hörmətli həmkarlar, Konstitusiyamızın 61-ci maddəsi hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnu özündə ehtiva edir. Əlbəttə ki, keyfiyyətli hüquqi yardım peşəkarlar tərəfindən həyata keçirilməlidir. Biz müzakirələr zamanı o fikirləri də səsləndirmişik ki,  vəkillik institutuna qəbul, vəkillərin sayının artırılması ilə bağlı qısa zaman çərçivəsində tədbirlər görülməlidir. Məlumat üçün deyə bilərəm ki, dekabr ayında Vəkillər Kollegiyasının  konfransı keçiriləcək və bu məsələlər müzakirə olunacaq. Mən əminəm ki, Ali Məhkəmənin təqdim etdiyi qanunun qüvvəyə minməsinin 1 yanvar tarixinə keçirilməsi ilə vəkillər institutunun da qısa zaman çərçivəsində bu qanuna uyğun islahatlar aparmaq imkanı olacaqdır. Bax bu ən geniş müzakirə olunan bir məsələ idi. Amma ümumi fikir, əlbəttə ki, sonuncu edilmiş dəyişikliklərlə bağlı çox mütərəqqidir və hesab edirəm ki, həmkarlarımız da layihəni dəstəkləyəcəklər. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Əli müəllim, sağ olun, təşəkkür edirəm. Hörmətli deputatlar, qanun layihələrinin müzakirəsinə keçməzdən əvvəl məlumat üçün bildirim ki, bugünkü iclasımızda Ali Məhkəmənin 3 hakimi – Şəlalə Məmmədova, Əsəd Mirzəliyev və  Xəqani Məmmədov iştirak edirlər. Əgər suallarınız olsa, onlara da müraciət edə bilərsiniz. Qanun layihələrinin müzakirəsinə başlayırıq. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm. Hörmətli Ziyafət müəllim, hörmətli həmkarlar! Mən birinci növbədə Ali Məhkəmənin sədri tərəfindən daxil olmuş bu sənədi ötən iclasda cinayət qanunvericiliyinə ölkə rəhbəri tərəfindən təşəbbüs edilən və 300 maddənin içərisində aparılan dəyişikliklərin ruhu, məqsədi ilə uzlaşdırmaq istəyirəm. Bu uzlaşmada gəldiyim qənaət ondan ibarətdir ki, bu layihə geriyə bir addımdır və ölkədə aparılan islahatların məntiqinə və ruhuna ziddir. Ona görə də bunun əleyhinə səs verəcəyəm.
Biz birinci növbədə bunu dəyərləndirməliyik ki, hazırkı layihədə nümayəndəlik institutu 90 faiz ləğv olunur. Biz bunu vətəndaşların keyfiyyətli  hüquqi müdafiəsini təşkil etmək məramı ilə elan edirik. Ancaq prosessual hüquqa görə nümayəndələr, sadəcə, vətəndaşların yerinə yetirə bilmədiyi o hərəkətləri gerçəkləşdirmək üçündür. Ölkədə bu illər ərzində vəkillərin sayı o qədər az olub ki,  nümayəndələr məhkəmə prosesinin aktiv bir təmsilçilərinə dönüblər. Ona görə də indi Ali Məhkəmənin rəhbəri təşəbbüs edilən layihənin girişinə bu sənədi tənzimləmə kimi qiymətləndirib. Halbuki biz  faktiki olaraq nümayəndəlik institutunu, dediyim kimi, 90 faiz ləğv edirik.
Biz orada-burada qeyri-rəsmi arqumentlər eşidirik ki, ümumən nümayəndələr, qeyri-hüquq təhsili olanlar qeyri-peşəkardırlar, onlar vətəndaşla müxtəlif sövdələşməyə gedirlər. Ən sonda bu, hakimlərin qanun, dövlət adından çıxardıqları hökmlərə, qətnamələrə mənfi təsir göstərir, məhkəmə sistemində rüşvət və sair yaradır. Doğrusu, bu arqumenti qəbul etmək mümkün deyil, çünki biz, elə bilin, əlimizi ikinci sistemə uzadıb orada dəyişiklik etmək istəyirik ki, məhkəmə sistemi  cəmiyyətin nəzərində güvənc yerinə çevrilsin. Halbuki əsas qanuni orqan odur, digərləri yardımçı təsisatlardır.
Bu arqumenti deyənlərə cavab verək. “ASAN xidmət” orqanının adından kimsə nə isə edə, hətta ən yarıtmaz jurnalist belə qurumun binasına daxil olub hansısa siyasi və real alverini apara bilmir. Bu arqument keçərli deyil, bunu demək istəyirəm. Biz məhkəmə sistemini təkmilləşdirməliyik ki, onun çevrəsində heç kim hər hansı işlər görə bilməsin.
Dördüncü, Azərbaycan “İnsan hüquqları haqqında” Konvensiyanı ratifikasiya edib. Orada 6-cı maddə vətəndaşın özünümüdafiəsinə hər hansı bir yasaq tanımır. Biz də həmin konvensiyanı ləğv etməmişik. Ona görə də bu, qanunlarımızın üzərində üstün hüquqa malik olan konvensiyanın müddəaları ilə də ziddiyyət təşkil edir.
Beşinci, başqa bir məsələni demək istəyirəm. Hakimlərin sayı və vəkillərin sayı. İnsan olaraq deyirəm, siyasi etiketlərin içərisinə salmıram, Əli müəllim  çox dəyərli, xətrini çox istədiyim, kifayət qədər peşəkarlığına güvəndiyim bir insandır. Bunları yaxşı bilir. Cəmi  483 hakim, 934 vəkil var. Biz Avropa Şurasına daxil olan 48 ölkə içərisində əhalinin 100 min nəfərinə düşən vəkillərin sayına görə sonuncu yerdəyik. İqtisadi-sosial  parametrlərdə çox-çox  öndə olduğumuz halda, bu parametrə görə geriliyimizin səbəblərini məhkəmə sistemində axtarmaq lazımdır. Ona görə də biz əgər indi belə bir durumda sadə insanları nümayəndələrsiz qoyuruqsa, bunu da hüquqi müdafiənin keyfiyyətli olacağı məramı ilə ediriksə,  bu çox yanlış  tədbir olar.
Başqa bir mühüm məsələni qeyd etmək istəyirəm. İl ərzində hakimlərimizin yükü çox önəmli bir amildir. 100 minə qədər mülki iş var, 250 minə qədər əmr icraatı mövcuddur. Əmr icraatı, bilirsiniz ki, 3 gün ərzində hakimlərin çıxara biləcəyi qərarlar, xüsusilə də kreditlər və sairlə bağlıdır. Ümumilikdə götürəndə onların illik yükü 500 mindir. Bakıda olanların bir aylıq yükü 100-dən artıqdır. Hər hansı bir işə çəkilən enerjini, zamanı, araşdırma miqyasını göz önünə gətirəndə vəziyyəti təsəvvür edə bilərsiniz. Belə olan halda biz bəyan edirik ki, hələ dediyimiz kimi, vəkillərin sayını artırmadan, onu 5 min, 10 minə çatdırmadan. Yeri gəlmişkən, region ölkələri sırasında Ermənistandan, – bu rəqəmə görə daxilən narahat oluram, – 5 dəfə... Yəni bizdə 100 min adama 9, Ermənistanda 45, Gürcüstanda isə 89 vəkil düşür.
Başqa bir məsələ. Hörmətli Ziyafət müəllim, Siz peşəkar hüquqşünassınız, Sizi də çox dəyərləndiririk. Bunu hamımız düşünməliyik. Bu illər ərzində aparılan böyük islahatlara rəğmən bunu deyirəm. Coğrafi paylanma. Bölgələr üzrə vəkillərin əsas hissəsi paytaxtdadır, cəmi 234 nəfəri rayonlardadır. 1 ay ərzində təkcə mülki işlərdən, məsələn, birinci instansiya məhkəməsindən  ikinciyə 10 minə qədər iddia qaldırılır. Yəni vətəndaşlar şikayət edir. Bunun yalnız 14  faizi vəkillər tərəfindən  edilir, yerdə qalan hissəsi isə nümayəndəlik institutunun hesabınadır.
Başqa bir tərəfdən, bildiyiniz kimi, vəkillər müqaviləsi var, şərtləri var. Bir qədər bahalıdır və yuxarı təbəqədən olan insanlar bunları tuta bilirlər. Əhalinin aztəminatlı hissəsi isə nümayəndələrə ehtiyacdır. Ona görə də biz bunu başqa bir formada, başqa bir məramla elan edə bilmərik. 10 minə qədər nümayəndəni biz bu qərarla ləğv etdiyimiz təqdirdə... Onlar informasiya daşıyıcılarıdır, məhkəmə sisteminin daxili həyatında bilgilərə malikdirlər. Ona görə də biz bu adamları hakimiyyətdən narazı salmamalıyıq.
Başqa bir mühüm məsələ odur ki, bu qərardan sonra Avropa İnsan Haqları Məhkəməsinə gedən işlərin sayı 10 dəfə artacaq. Müxalifəti yemləyən, onların çevrəsində qərarlaşan müxalif vəkillər bundan yaxşıca qazanacaqlar. Adi bir maddə ilə, “İnsan hüquqları haqqında” Konvensiyanın o  müddəası Azərbaycan dövləti üzərində qələbəyə səbəb olacaq. Biz nəinki vətəndaşı müdafiədən məhrum edirik, eləcə də Azərbaycan dövlətini beynəlxalq təşkilatlar qarşısında çətin vəziyyətdə qoyuruq.
Yekun olaraq düşünürəm ki, bütövlükdə parlament üzvlərinin mövqeyi nəzərdən keçiriləcək və bu məsələlər geniş şəkildə təhlil olunacaq. Mən heç bir halda bu məsələni şəxsi-qərəz üzərində söyləmədim. Zatən Ali Məhkəmədə onsuz da nümayəndələr təmsil etmək hüququna malik deyildilər. Ancaq düşünürəm ki, parlament üzvləri  mühüm bir hakimiyyət qoludurlar və onlar dövlətin maraqlarına bir qurum səviyyəsində yox, daha geniş kontekstdən baxırlar.
Hörmətli Ziyafət müəllim, əlbəttə, burada 4 istiqamətdə dəyişikliklər var. Mən fərqindəyəm, fasilə vaxtı danışıram. Həmkarlarım da daha qısa olmasını istəyir. Ancaq bu, milli yüklü bir sənəddir. Bir daha vurğulayıram, dövlət başçısı dünən 90-cı illərə qədər olan böyük hadisələri qeyd edərkən onların hamısını Azərbaycan insanının maraqları üçün olan tədbirlər saydı. Ona görə bir daha Ali Məhkəməni bu məsələ üzərində düşünməyə çağırıram. Bu məsələlərə görə onun əleyhinə səs verəcəyimi bildirirəm. Sağ olun.
Sədrlik edən. Fazil Mustafa.
F.Mustafa. Hörmətli Ziyafət müəllim,  mən də bu qanun layihəsinin əleyhinə səs verəcəyəm, çünki bu, Azərbaycanın məhkəmə sistemində böyük problemlərin əsasını qoya biləcək bir layihədir. Bir hüquqşünas kimi də heç bir halda bunun qəbul olunmasının müsbət nəticələri olacağını düşünmürəm.
Birinci, niyə buna belə baxıram? Mən hörmətli həmkarım Zahid Orucdan fərqli olaraq buna “bir islahat prosesi” kimi baxıram. Bu islahat nədən ibarətdir? Nümayəndəliyin məhdudlaşdırılması baş verir. Ardınca məhkəmə prosesləri növbəti mərhələdə artıq hakimlər və dövlət ittihamçısı tərəfindən həyata keçirilir. Digər iştirakçıların hamısı, vəkillər də yavaş-yavaş sıradan çıxır. Ondan sonra artıq kompüter vasitəsi ilə qiyabi şəkildə məhkəmə prosesləri keçirilir. Yaxşı, rahat bir şərait yaradırıq. Məhkəmə sistemində əziyyət çəkmədən, heç bir şikayətlə qarşılaşmadan, verilən qərarları başıaşağı qəbul edən bir variantda rahatlıqla bu proseslər öz həllini tapır. Bu islahatın nəticəsi buna doğru gəlir.
Təbii ki, beynəlxalq arenada çoxlu statistik məlumatlar var və bunlar da sadalandı. 4 milyonluq Gürcüstanda əgər 5 min vəkil varsa, 10 milyonluq Azərbaycanda mini keçmir, 900 vəkil var. Burada da ifadə olunduğu kimi, əgər 20 il ərzində vəkillərin sayı mini keçməyibsə, 2-3 ay ərzində bunu 5 minə, 10 minə çatdırmağımız bir illüziyadır. Digər tərəfdən, keçmişdə hüquq mühafizə orqanlarında çalışan insanların böyük əksəriyyətinin də müəyyən mənada bu kollegiyaya daxil olma imkanları məhduddur. Qanuni, qeyri-qanuni elə məsələlər var ki, onu aşmaq olmur. Biz o zaman nümayəndəlik barədə məsələni gündəmə gətirə bilərdik ki, vəkillərin sayı kifayət qədər olardı, 370 mindən artıq iş olan bir məhkəmə sistemində min vəkillə bunu ötüşdürmək barədə düşünməzdik. Onda deyərdik ki, nümayəndəliyə ehtiyac yoxdur, vəkillər bu yükü qaldıracaqlar. Amma faktiki olaraq bunu qaldıra bilməyəcəklər.
Mən birinci nədən başlamaq istəyirəm. Birinci, Konstitusiyamızdan başlamaq istəyirəm. Konstitusiyanın 61-ci maddəsində göstərilir ki, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. Bu heç bir halda məhdudlaşdırıcı norma kimi anlaşıla bilməz. Ona görə anlaşıla bilməz ki, vətəndaşların hüquqi yardım almaq üçün seçiminə müdaxilə eləmək olmaz. Müxtəlif alternativlərin olması bu hüququn müdafiəsi üçün daha əlçatan imkan yaratmaq məsələsi kimi gündəmə gətirilə bilər.
İkinci, beynəlxalq arenada qəbul olunan insan haqları ilə bağlı konvensiyada – “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 3-cü hissəsinin “c” bəndində də göstərilir ki, hər kəsin şəxsən özünün seçdiyi müdafiəçi vasitəsi ilə özünü müdafiə etmək hüququ var. Burada da birbaşa göstərilir ki, alternativlər olmalıdır ki, vətəndaş bunu seçə bilsin.
Üçüncü, ölkə Prezidentinin bu məsələyə yanaşmasını qeyd eləmək istəyirəm. “2008–2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 2008-ci il sərəncamında yoxsul əhalinin öz hüquqları barədə maarifləndirilməsi və onlara ödənişsiz hüquqi yardım xidmətinin göstərilməsi tapşırılmışdır. Prezident yoxsul vətəndaşı düşünərək bildirib ki, əsasən, pulsuz hüquqi yardım göstərməyə çalışmaq lazımdır. Pulsuz hüquqi yardım mümkün deyilsə, heç olmasa, çox məsrəfli olmayan bir hüquqi yardım göstərilməlidir. Bu da nümayəndəlik institutu vasitəsi ilə baş verə bilər, çünki vəkillərin ödədikləri vergi 36 faizdən çoxdur. Elə işlər var ki, udma, qalib gəlmə, qazanma perspektivi yoxdur. Vətəndaş məcburdur ki, nümayəndə ilə bu işi az məsrəflə görsün.
Bizim məhkəmə orqanlarının gətirdiyi arqumentə baxın. Mən istəyirəm, diqqətinizi buna çəkəm. Bəzi hüquq nümayəndələrinin qeyri-peşəkar davranışı, bir növ bunu özünə peşə etmiş hüquqda təmsil olunanlar onlara etibar edilmiş səlahiyyətlərdən sui-istifadə edirlər, məhkəmənin işini uzadırlar, qərarların qəbul olunmasına mane olurlar. Eyni arqumenti, Ziyafət müəllim, universitet müəllimisiniz, Sizə də kim isə desə özünüzə bir az qəribə gələr. Universitetdə müəllimlər yaxşı dərs demədiyinə, yaxud kimsə rüşvət aldığına görə orada müəllimlik institutunu ləğv eləmək lazımdır. Yəni ola bilsin, bu nümayəndənin içində elə xarakterli, işinə yaramayan, peşəsindən sui-istifadə eləyən adamlar var. Amma bu, institutun məhdudlaşdırılması mənasına gələ bilməz ki. Ona görə də məncə, biz bu məsələdə tamamilə qərəzsiz... Mən Əli müəllimin xətrini çox istəyirəm, hüquqşünas kimi böyük hörmətim var, Ziyafət müəllim, Sizə də həmçinin. Bu məsələ, doğrudan da, yoxsul vətəndaş üçün böyük problemlər yaradacaqdır. Siz bir məsələyə diqqət edin ki, bölgələrdə yaşayan 5 milyon əhali üçün cəmi 250 vəkil var. Bu necə hüququnu müdafiə edəcək?
Bir də, diqqət edin, vəkillər çox hallarda eyni şəxsin hüququnu müdafiə eləyə bilmirlər. O şəxslərin müəyyən mənada bir-birinə ziddiyyətli ifadələri varsa, mənafeləri əhəmiyyətli dərəcədə toqquşursa, bir vəkil 2-3 nəfərin müdafiəsində iştirak edə bilməz. Bölgələrdə 5 nəfər ittiham olunursa, məcburdular ki, 5 vəkil tutulsun. 5 vəkili də tapa bilmirlər. Ona görə nümayəndəlik məsələsi mülki, inzibati, cinayət işlərində olduqca vacib bir amil kimi gündəmə gətirilib.
Bundan çıxış yolu nədir? Mən fikrimi bildirmişəm. Yeganə çıxış yolu odur ki, əgər qeyri-peşəkarlıqdan söhbət gedirsə, bu nümayəndələrin hamısına qanunda ancaq hüquqşünas ola bilər tələbi qoyulsun. Yaxud da Vəkillər Kollegiyasının qapısı açılsın, qısa müddətə onun sayı artırılsın, nümayəndələrin hamısı ora köçürülsün. Biz bir az bu işsizlik məsələsinə də baxmalıyıq. Bankların hamısını ləğv elədik, yüzlərlə peşəkar insan işsiz qalıbdır. Bunların hamısı işsizlər ordusuna daxil olur. İndi burada da 5–6 min nəfərlik işsizlər ordusu yaratmaqda kim maraqlıdır? Ona görə də hesab edirəm ki, bu məsələdə bir az daha konstruktiv olaq.
Qazaxıstan bu məsələni necə həll elədi? Tələb qoydu ki, bütün nümayəndələr hüquqşünas olmalıdır. Bir də, bu rəqabət məsələsi var. Adam necə ki yaxşı pinəçi, yaxşı soyuducu ustası axtarır, eyni zamanda, yaxşı vəkil, yaxşı nümayəndə də axtarır da. Kim peşəkar olmayacaqsa, müştərisi də az olacaq. Bunu vətəndaşın öz öhdəsinə buraxmaq lazımdır. Rəqabət olmayanda vəkil 2 min, 3 min manat tələb edəcək, vətəndaş da öz hüququnu müdafiə eləməkdə artıq maraqlı olmayacaq. Çünki o pulu tapmaqdansa, elə hüquqdan imtina eləmək daha yaxşı olar.
Təbii ki, burada qanuni nümayəndələrlə bağlı məsələlər normal məsələlərdir. Hüquqi şəxslərin nümayəndələrinin saxlanması müsbət bir tərəfdir. Mən düşünürdüm ki, onlar da bəlkə ləğv oluna bilərlər. Amma bu nümayəndəlik məsələsinə keçmək hələ tezdir. Bəlkə bu, 6 aydan sonra mümkün ola bilər. Gəlin, doğru alternativi yaradaq. Müəyyən eləyək ki, həqiqətən də, vəkillərin müdafiə elədiyi insanların sayı əhalinin ümumi sayına görə Avropa standartlarında 47-ci yeri yox, heç olmasa, 20-ci yeri tutur, onda bunu eləyək. Bunu anlaşılan qəbul eləmək olar. Amma indiki vəziyyətdə məhkəmələr rahat olsunlar, hakimlər daha rahat qərar çıxarsınlar deyə bu olmaz axı.
Konstitusiya Məhkəməsi 1998-ci ildən bu tərəfə Ali Məhkəmənin 400 qərarını ləğv eləyib. Keçən dəfə, Ziyafət müəllim, sənədləri Sizə təqdim elədim. Ali Məhkəmənin icraya yönəlmiş qərarını artıq digər məhkəmələr dayandıra bilir. Yəni buna baxmaq lazımdır, problem buradadır, nümayəndədə deyil ki. O baxımdan da mən bu məsələnin bir daha geniş müzakirə olunmasının, hüquqşünasların rəyinin alınmasının tərəfdarıyam. Bu məsələ ölkədə, hüquqşünaslar arasında ciddi bir narazılıq yaradır. Bunun mən təxirə salınmasını təklif edirəm. Dediyim kimi, digər komponentlər, alternativ variantlar müəyyən olunandan sonra onun qəbul olunması ölkəmiz, dövlətimiz və məhkəmə sistemimiz üçün ancaq faydalı olar. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Hörmətli həmkarlar, etiraz etmirsinizsə, 5 dəqiqəyə keçək. Mənə elə gəlir, 5 dəqiqə ərzində fikri çatdırmaq mümkündür. Çünki mən gördüm, burada, əsasən, nümayəndəlik institutu ətrafında fikirlər səslənir, digər məsələlərə toxunmurlar. Ona görə 5 dəqiqə ərzində fikrinizi çatdıra bilərsiniz. Etiraz yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən.  Çox sağ olun. Elşən Musayev.
E.Musayev. Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli həmkarlar, bu layihə o qədər geniş müzakirələrə yol açdı, o qədər fikirlər haçalandı ki, hətta mən deyərdim, artıq bu, siyasi camiyəyə qədər transfer olub. Hətta bizim siyasi rəqiblərimiz öz mitinq devizlərinə qədər bu layihəni, belə deyək, ötürdülər. Belə bir fikir  formalaşdı ki, guya keçən plenar iclasda gündəlikdən çıxarılma səbəbi də məhz onların təzyiqi imiş. Amma necə deyərlər, bir az sarkazm formasında desək, “necə qorxmuşuqsa”, bu gün plenar iclasa, müzakirəyə çıxarılıb. Yəni absurddur bu məsələlər.
İndi isə mahiyyət haqqında danışmaq istəyirəm. Burada ən çox müzakirə olunan məsələlərdən biri nədir? Keyfiyyətli hüquqi müdafiə, hüquqşünaslara bu məsələnin şamil olunub-olunmaması və ən nəhayət, vəkillərin sayı. Komitədə geniş müzakirələr oldu. Mən ən çox bir nüansı –hörmətli komitə sədrimiz Əli Hüseynlinin “Keçid müddəaları”nda prinsipiallıq göstərilmə zəruriyyəti ilə bağlı məsələni xüsusi vurğulamaq istəyirəm. Tamamilə razıyam.
Burada keyfiyyətli hüquqdan danışarkən ən çox qohumluq məsələlərini müzakirə elədilər ki, yəni qohumlar guya nümayəndələrdən fərqli olaraq keyfiyyətli müdafiəni təşkil edəcəklər. Əslində, burada bir nüans var. Qohum heç də o hüquqi keyfiyyət məsələsi ilə bağlı deyil. Psixoloji məsələdir, faktiki hallarla daha yaxından tanış olma məsələsidir və sair. Bu məsələyə hüquqşünasların şamil edilməməsinin tərəfdarlarından biri də mən olmuşam. Bu fikirlə bu gün də razıyam və həqiqətən, düşünürəm ki, bu, hüquqşünaslara şamil olunmamalı idi.
Nəhayət, vəkillərin sayının azlığı ilə bağlı bir neçə kəlmə demək istəyirəm. Bununla da tamamilə şərikəm, axırıncı dəfə Vəkillər Kollegiyasına seçkilər 2014-cü ildə olub. 3 ildir, növbəti seçkilər keçirilmir. Biz hətta Vəkillər Kollegiyasının nümayəndəsinə sual verdik ki, bu qanun qəbul olunandan sonra yaxında vəkillərin sayının artırılması gözlənilirmi? Biz ondan “xeyr” cavabı aldıq. Bütün cəmiyyət deyir ki, vəkil seçkiləri hakim seçkilərindən daha çətindir. Sonuncu dəfə, səhv eləmirəmsə, 1100 insan vəkilliyə sənəd verib və onların içindən yalnız 70 nəfər seçilib.
Mən o baxımdan digər həmkarlarımın fikri ilə razıyam ki, bu qanun qəbul olunmasa, biz vəkillik institutunu qaldıra bilməyəcəyik. Hətta misal çəkildi ki, bizim valideynlərimiz, böyüklərimiz  uşağı hüquqşünas olanda birinci arzulayırlar ki, o ya prokuror olsun, ya da müstəntiq. Heç kim vəkil adını çəkmir. Vəkil hətta bizim beynimizdə, psixologiyamızda digər hüquq mühafizə orqanları nümayəndələrindən aşağıda durub. Bəli, bunu qaldırmalıyıq və vəkil də digərləri kimi məhkəmə çəkişməsinin ən önəmli subyektlərindən birinə çevrilməlidir.
Eyni zamanda, burada həmkarlarım da söylədilər, bəli, Vəkillər Kollegiyasının qapıları açılmalıdır. Müxtəlif təkliflər vermişik. Məsələn, təcrübəsi olan hüquqşünaslar o kollegiyaya imtahansız girə bilərlər. Ballar azaldıla bilər. Yaxud da yenə də təcrübəsi olan insanlara ən azından bir il vaxt vermək olar ki, onların imtahanları verməyə imkanları, zamanları olsun. Bir il müddəti, məncə, kifayət edər. Amma belə, təbii ki, onlar işsiz qalacaqlar. Mənim də fikrim ondan ibarətdir ki, həqiqətən, ölkədə işsizlər ordusu yarana bilər.
Amma bütün bu şübhəli məqamlara rəğmən söyləmək istəyirəm ki, mən bu qanuna səs verəcəyəm. Bu qanun qəbul olunmalıdır, çünki bizim əsas məqsədimiz hədəfə, gələcəyə baxmaqdır. Vəkillik institutunu qaldırmaq üçün ən gözəl yollardan biri bu qanundur. Bu qanun əgər Türkiyədə, Ukraynada, keçmiş sovet dövlətlərinin bir çoxunda işləyibsə, deməli, eyni problemlər, eyni şübhəli məqamlar, digər arqumentlər onlarda da olub. Amma fakt budur ki, işləyib. Mən hesab edirəm ki, bu qanun qəbul olunmalıdır. Bu qanuna səs verəcəyəm. Vəkilin statusunun qaldırılması üçün bir çox məsələ həll olunmalıdır. Onlardan biri də məhz bu qanunun qəbuludur. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Buyurun, Siyavuş müəllim.
S.Novruzov. Təşəkkür edirəm, Ziyafət müəllim. Doğrudan da, aktual bir məsələdir və neçə vaxtdır, cəmiyyətdə müzakirə olunur. Hər iki tərəf kifayət qədər öz arqumentlərini ortaya qoyub, bu məsələlərin həllinin yollarını axtarır. Mən hesab edirəm ki, bu qanun təqdim olunub, biz bu gün onu müzakirə eləyib qəbul etməliyik. Hər bir qanun həyatda özünü sübut eləyir. Baxacağıq, əgər çatışmayan cəhətləri olarsa, Mülki Məcəlləyə, Cinayət Məcəlləsinə, digər məcəllələrə və qanunlara necə əlavə və düzəlişlər ediriksə, burada da müvafiq dəyişikliklər edib addımlar ata bilərik. Birmənalı şəkildə yapışmaq ki, bu olmamalıdır, bu, düzgün addım deyil.
İkinci bir məsələni hörmətli həmkarlarım Fazil müəllim və Zahid müəllim burada qeyd elədilər. Biz bu qanunları Azərbaycan xalqının mənafeyi üçün qəbul eləyirik. Xaricin bizə yaxşıdır, pisdir, uyğundur, uyğun deyil deməsi ilə qəbul etmirik. Ola bilər ki, Fransada elə qanun qəbul edirlər ki, Azərbaycanın milli maraqlarına ziddir. Bunu heç vaxt qəbul etmək olmaz. Avropa Şurasının dəyərlərindən biridir. Biz indi onu qəbul etməliyik ki, bizə də yaxşı desinlər? O baxımdan mən hesab edirəm ki, qanunun əsas mənbəyi xalqın maraqları olmalıdır. Bu səpkidə də biz o qanunları qəbul etməliyik.
Nümayəndəlik, vəkillik məsələsi. Adətən, nümayəndəliyin böyük hissəsi hüquqi şəxslərə şamil olunanda daha real olur. Fiziki şəxslərdə isə vəkillik institutu daha geniş yayılmış məfhumdur və hesab edirəm, bu gün Vəkillər Kollegiyası, vəkillik institutu zəifdir. Bunu birmənalı şəkildə biz qəbul eləməliyik. Biz çalışmalıyıq ki, bu qanun qəbul olunduqdan sonra vəkillik fəaliyyəti ilə ciddi şəkildə məşğul olunsun və vəkillik institutunun fəaliyyəti artırılsın.
Bizim ayrı-ayrı institutlarımız var və demək olar ki, onların əksəriyyətində, hörmətli Ziyafət müəllim, Hüquq fakültəsi var. Keçmişdə yalnız Bakı Dövlət Universitetində var idi, indi özəl institutlarda da Hüquq fakültəsi mövcuddur. Oranı qurtaranların da əsas hədəfi vəkillik yox, başqa istiqamətlər olur. Mən hesab edirəm, savadlı hüquqşünas əgər vəkil işləyərsə, öz halal zəhməti ilə hakimdən də, prokurordan da, polis işçisindən də daha çox əmək haqqı ala bilər və daha çox gəlir əldə edə bilər.
O baxımdan da biz bunların təkmilləşdirilməsinə və fəaliyyətə başlamasına şərait yaratmalıyıq. Şərait yaratmaq üçün də test imtahanlarını intensivləşdirməliyik. Bəyəm parlament, bələdiyyə seçkiləridir ki, 5 ildən bir olsun? Bu gün zərurət varsa, ayda bir dəfə olsun. İki aydan, yaxud 6 aydan bir dəfə olsun. Bu hansı əsasa, hansı prinsipə uyğun olmalıdır? İndi müəyyən ali hakimiyyət orqanları var ki, burada seçki bəllidir, müddətlidir. Məsələn, hakim filan qədər olmalıdır. Qalan hallarda, məsələn, vəkil seçilirsə, buna müddət qoyulması, hesab edirəm, düzgün deyil. Əgər vəkil nə qədər varsa, qoy bir o qədər də olsun, rəqabət yaransın. Ona görə də hüquqi firmalar təşkil olunmalıdır. Onların nizamnamələri sadələşdirilməlidir. 
Belə olan halda artıq nümayəndəliyə ehtiyac qalmayacaq, çünki nümayəndəlik hüquqi proseduru həyata keçirən şəxs deyil. Məhkəmədə hüquqi proseduru həyata keçirən vəkildir. Məsələ qaldırsın, vəsatət versin, şikayət yazsın və sair. Nümayəndə, sadəcə olaraq, həmin fərdin hüquqi istiqamətə maraqlarını yönəltməklə məşğuldur. O baxımdan mən hesab edirəm ki, biz əgər vəkillik institutunu genişləndiririksə, nümayəndəlik avtomatik olaraq öz işinə xitam verəcəkdir. Elə qanunda da bu, nəzərdə tutulub. O müddət çərçivəsində, dekabr ayına qədər, hesab edirəm ki, aidiyyəti strukturlar vəkilliklə bağlı elan verməli, sənəd qəbul eləməli və götürməlidirlər.
Hüquq mühafizə orqanında işləmiş bəzi adamlar, – mən bunu hamısına şamil etmirəm, bir hissəsinə şamil edirəm, – rüşvət, oğurluq, vəzifəsindən sui-istifadəyə görə işdən çıxıblar. Onlar işdən çıxandan sonra vəkil işləyirlər. Bunun əxlaqi davranışına, əməlinə də qiymət verilməlidir. Elə test imtahanlarından biri də o olmalıdır. Mən hesab edirəm ki, əli rüşvətə öyrənmiş adamdansa, ali məktəb partası arxasından yenicə durmuş bir gənci işə götürmək daha məqsədəuyğundur.
Sədrlik edən. Buyurun, bir dəqiqə əlavə verin.
S.Novruzov. O öz müştərisinin maraqları əvəzinə hakimlə danışıqlar axtaracaq. Biz görürük. Elələri var ki, özünü vəkil adlandırır, amma şantajla məşğuldur. İşi, prosesi hüquqi cəhətdən əsaslandıra bilmir, Avropa Şurasına, ATƏT-ə, nə bilim, hara gəldi məktub yazır və guya bu yolla müştərisinin  maraqlarını müdafiə edir. Ortada hüquqi fakt yoxdur. O baxımdan da hesab edirəm ki, bu cür insanların sayını azaltmaqla, yeni insanlar qəbul etməklə, yaxşı bir vəkillik  institutu yaratmaqla qarşıya qoyduğumuz məqsədə nail ola bilərik.  Hər şey islahatla həyata keçirilir. İslahat olmalıdır, özü də hər şey təcrübədə  yoxlanılmalıdır. Ona görə də həmkarlarımdan xahiş edirəm, buna dəstək versinlər. Qəbul edək, təcrübədə baxarıq, İnşallah.
Sədrlik edən. Buyurun, Valeh müəllim.
V.Ələsgərov.  Hüquqşünas olmadığıma görə qısa danışacağam. Həyat təcrübəmə, seçicilərimlə, vətəndaşlarımızla görüşlərimin nəticəsinə əsaslanaraq, 2 kəlmə də mən deyim. Birincisi, məsələni siyasiləşdirməyə ehtiyac yoxdur. Siyasiləşdirmək ancaq bir halda ola bilər. Öz fikrini əsaslandıra bilməyəndə o məsələyə siyasi don geyindirmək istəyirlər.
İkincisi, məsələnin buraya gəlib çatmasının bir səbəbi var; nümayəndəlik institutunun bugünkü biabırçı vəziyyəti.
Üçüncüsü, nümayəndəlik institutu ləğv olunmayınca  vəkillərin sayını nə qədər istəsəniz, artıra bilməyəcəksiniz, nə etsəniz, artıra bilməyəcəksiniz, çünki nümayəndəlik institutu varsa, vəkilə ehtiyac yoxdur. Olsa da  hərdən-birdən ola bilər. Ona görə də açıq-aydın bilməliyik ki, nə qədər nümayəndəlik institutu var, vəkillər institutu inkişaf etməyəcək, vəkillik etmək istəyənlərin sayı artmayacaqdır.
Bir də, burada deyildiyi kimi, məhkəmə icraatında nümayəndəlik institutunun təkmilləşdirilməsini, icraatda iştirak edən şəxslərin prosessual hüquqlarının həyata keçirilməsi üçün peşəkar hüquqi yardım almaq imkanlarını təmin etmək istəyiriksə, bu qanun layihəsinə səs verməliyik. Məqsədimiz, niyyətimiz başqadırsa, əleyhinə də səs verə bilərik. Ancaq dediklərimi təmin etmək istəyiriksə, qanun layihəsinə səs verməliyik. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, Valeh müəllim. Musa Quliyev.
M.Quliyev. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Tənəffüssüz işləyirik, görürəm, deputat həmkarlarımız da narahatdır, çalışacağam qısa danışım. Bu  gün müzakirə etdiyimiz hər üç məsələni çox aktual hesab edirəm və hər üçünün də lehinə səs verəcəyəm. Deputat həmkarlarımın çıxışlarından da görünür ki, əsas məsələ nümayəndəlik institutu ilə bağlıdır. Həm tənqiddə, həm də dəstəkdə həqiqət kifayət qədərdir.
Hörmətli Ziyafət müəllim, iclasda Ali Məhkəmənin hörmətli hakimləri iştirak edirlər. Fazil müəllimin və Zahid müəllimin qaldırdığı məsələyə çox istərdim ki, arqumentli cavablar verilsin və biz də öz qərarlarımızı qətiləşdirək. Mən  həm Siyavuş müəllimin fikirləri, həm də Valeh müəllimin söylədikləri ilə tamamilə şərikəm ki, hansı qərarın doğru, hansının səhv olduğu təcrübədə görünəcəkdir. Hər halda bu, məhkəmə-hüquq sistemindəki davamlı islahatların tərkib hissəsi kimi dəstəklənməlidir. Amma həm vəkillik institutunun genişləndirilməsi, həm hakimlərin sayının artırılması, həm də məhkəmələrdəki iş saylarının tənzimlənməsi çox ciddi məsələlərdir. Təkcə Ədliyyə Nazirliyinin və məhkəmələrin deyil, həm də bizim məsuliyyətimiz olmalıdır və düşünməliyik ki, qısa müddətdə bu problemlər həll olunsun.
Dekabrdan qanun qüvvəyə minəcəkdir. Mən bilmirəm, dekabrdan qüvvəyə minəndə nə dəyişəcəkdir? Yanvarın 1-dən normaldır. Amma mən çox arzu edərdim ki, deyilənlər yalnız fikirlər şəklində burada qalmasın. Qısa müddət ərzində biz vəkillik institutunu daha da  genişləndirə bilək ki, bütün vətəndaşlarımız keyfiyyətli hüquqi yardım alsınlar. O fikrin də tərəfdarıyam ki, ali hüquqi təhsili olan peşəkar hüquqşünaslar, mənəvi cəhətdən bu işə yararlı insanlar gələcəkdə ya nümayəndə, ya da vəkil kimi bu proseslərə qoşula bilsinlər. Doğrudan da, kənd rayonlarında insanlarımızın çoxu məhkəmə proseslərində nümayəndə olmayandan sonra  müdafiəsiz qala bilərlər. Gəlin, bu qanunu qəbul edək. Hörmətli həmkarlarımdan təkid edən yoxdursa, təklif edərdim, səsə qoyaq və qəbul edək. İşin gedişində məsələlərə korreksiya vermək olar. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Çingiz müəllimə də söz verək, sonra təkid edən olarsa, çıxış edər.
Ç.Qənizadə. Çox sağ olun, Ziyafət müəllim. Əvvəla, qeyd edim ki, Mülki Prosessual Məcəlləyə edilən dəyişikliklərin içərisində olduqca mütərəqqi təkliflər var. Xüsusilə 400-cü maddədə apellyasiya instansiyası məhkəmələrinin şikayəti üzrə qəbul edilmiş  qərarların qanuni qüvvəyə minməsi, kassasiya şikayətinin verilməsi və sair hallar olduqca vacibdir. Çünki həddindən çox  süründürməçilik halları var və insanlar bundan əziyyət çəkirlər. Amma təbii ki, bəzi deputatlarda narahatlıq doğuran məqam 69.1-1-ci maddədədir. Mən bir məsələni qeyd edim. Bu maddə üzrə biz, əslində, nümayəndəlik institutunun ləğvi istiqamətində addım atırıq, amma bizə ünvanlanan məktubun başlığında qeyd olunur ki, məhkəmə icraatında nümayəndəlik institutunun təkmilləşdirilməsi. Əgər biz bunu ləğv ediriksə, hansı təkmilləşdirmədən söhbət gedir?
69.1-1-ci maddə ilə bağlı bizim komitədə fikir ayrılığı oldu və “fiziki şəxslərin nümayəndəsi” sözləri bura salındı. Biz hüquqşünasları kənarlaşdırıb fiziki şəxsin qohum-əqrəbasını məhkəmə prosesinə göndəririksə, hansı keyfiyyətli hüquqi yardımdan söhbət gedəcək? Hakim mühəndislə, idman müəllimi ilə, aqronomla hansı formada təmasda ola biləcək? Bəlkə hüquqşünaslarla işləmək daha asan idi? Amma onu da qeyd edim ki, nümayəndəlik institutunda çoxsaylı dələduzlar, hətta həbs olunmuşlar var. Əvvəllər məhkum olunmuş, hüquqi təhsili olmayan, müxtəlif yollarla bir firma açaraq özünü nümayəndə kimi göstərib həm hakimlərə əziyyət verən, həm də insanları aldadan insanlar var. Amma biz  qolda bir-iki yara var deyə qolu kəsməkdə haqlı deyilik.
Beynəlxalq hüquq normalarına zidd olsa da, mən bir məsələni deyəcəyəm. Təkliflər olmuşdu ki, ali hüquqi təhsilli şəxslər nümayəndə olsun. Amma biz ümumilikdə nümayəndəlik institutunun pərakəndəliyinə son qoymaq istəyiriksə, onda gəlin, nümayəndəlik institutunun  hüquq firmaları altında birləşməsi üçün bir təşəbbüs qaldıraq. Konstitusiyada birləşmək hüququ var. Getsinlər, hüquq firması yaratsınlar və biz də qanunla bunu tənzimləyək ki, hüquqi yardım firmalarındakı şəxslər mütləq ali təhsilli hüquqşünaslar ola bilər. Həm iş yerləri açılacaq, həm də vergi ödəyiciləri artacaq. Amma indiki pərakəndəlikdə bunların heç birinə nəzarət edə bilmirik. Yaxşı, biz hüquqi yardım firmalarının fəaliyyətinə imkan verməyək. Nə olacaq? Nazirlər Kabinetinin 1998-ci il 1 may tarixli qərarı var, orada pullu hüquqi xidmətlərə xüsusi razılığın verilməsindən söhbət gedir və cinayət prosesində zərərçəkmişin mülki iddiasının mülki cavabdehlərinin nümayəndələri kimi iştirak etmək səlahiyyəti verilmiş adamlar var.  Səhv etmirəmsə, iki minə yaxın lisenziya almış nümayəndə var. Bunlar da qaldı kənarda.
Yerdən. (Eşidilmir.)
Ç.Qənizadə. İndi düşüb, lap yaxşı. Biz Konstitusiya ilə hüquqi firma  yaratmaq... Əli müəllim, 2000-ci ildə bu, başqa redaksiyada verilib. Amma biz hüquq firmaları yaratmaqla bu fəaliyyəti də başqa bir formada yaşada bilərik.
Keçək başqa bir məsələyə. Burada söhbət gedir ki, Azərbaycanda vəkillərin sayı olduqca azdır. Bəli, Avropa Şurasının  açıqladığı siyahıda Lüksemburqda 100 min nəfərə 384 nəfər düşürsə, Ukraynada 244 nəfər, Gürcüstanda 82,6 nəfər, Azərbaycanda 8,9 nəfər düşür.
Vəkillik institutunda böyük problem var, gəlin, biz orada islahatlar aparaq, onun qapılarını açaq. 3 ilə yaxındır ki, insanlar vəkillik işinə düzələ bilmir. Sənədlər yığılıb qalıb orada, amma qeyri-mümkündür. İndi biz nə etməliyik? Mən belə hesab edirəm ki, biz əgər nümayəndəliyi ləğv etmək istəyiriksə, mütləq vəkillik institutunda islahatlar aparmalı, bu qanuna yenidən baxmalıyıq.
Məsələn, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinə baxaq. Yazılır ki, vəkil və ya hakim olmuş şəxslər yazılı test imtahanı vermədən vəkillik fəaliyyətinə qəbul oluna bilərlər. Niyə prokurorluq işçiləri ola bilməz? Niyə Daxili İşlər Nazirliyinin təhqiqat və istintaq orqanlarında çalışanlar ola bilməz? Bu məhdudiyyətləri kim yaradıb? 60 bal olduqca yüksək baldır. Gəlin, islahatları buradan başlayaq. Vəkillərin sayını artıraq, sonra da bu institutun ləğvi ilə bağlı məsələni müzakirə edərik.
Mən Ramiz müəllimin göndərdiyi məktuba, Ali Məhkəmənin təşəbbüsünə hörmətlə yanaşıram, burada çoxlu mütərəqqi məsələlər var. Amma elə hesab edirəm ki, 350 mindən yuxarı inzibati mülki işlər varsa və burada da nümayəndələr iştirak edə bilmirlərsə, 900 nəfərlik vəkillər korpusu bu işin öhdəsindən gələ bilməyəcək, xaos yaranacaq. Vəkillər insanları seçim qarşısında qoyacaqlar. Kim az pul təklif edirsə, o işləri götürməyəcəklər. Haqlı olaraq da götürməyəcəklər, çünki işlərinin sayı birə on qat artacaq. Bu insanlar nə edəcək? Bizim elə rayonlarımız var ki, vəkillər yoxdur. Nümayəndələr birtəhər yola verirdilər. İndi məcbur olacaqlar ki, Tovuzdan gedib Gəncədən, Şəkidən vəkil aparsınlar. Ona görə düşünürəm ki, tələsmək bəlkə də düzgün olmazdı. Bəlkə biz vəkillik institutunda islahatlar aparaq və bu məsələyə 3 aydan, 6 aydan sonra baxaq. Sağ olun.
Sədrlik edən. Sağ olun. Qənirə Paşayeva.
Q.Paşayeva. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri!  Bu çox ciddi bir məsələdir. Əslində, burada həmkarlarımızı narahat edən ən önəmli məsələ yaxın zamanlarda nümayəndəlik institutunun ləğvi  ilə bağlı ortaya çıxan problemlərdir. Biz təbii ki, hamımız nümayəndəlik institutundakı problemləri bilirik və bu bizi narahat edir. Amma söhbət ondan gedir ki, bu, yanvarın 1-də qüvvəyə minəcək. Yanvarın 1-dən 10 minlərlə iş icraatını təxminən 930 nəfərlik vəkil heyətinin üzərinə qoymuş olacağıq. Bu heyət bu qədər işi qaldırmaq gücünə malikdirmi? Malik deyil.
Deməli, qısa zamanda vəkillik institutunun qapılarını ciddi şəkildə mütəxəssislərin üzünə açmaq lazımdır. Yəni söhbət 2 dəfədən, 3 dəfədən getmir.  Əhalisinin sayı bizimlə müqayisədə az olan qonşu Gürcüstanda vəkillərin sayı bizdən 5 dəfə çoxdur. Yəni söhbət ondan gedir ki, 2 ay ərzində vəkillik institutunu 2 dəfə, 3 dəfə artırmaq da problemi həll etməyəcək. Məsələn, mən bir rayonu təmsil edirəm. Bilirsiniz, o cür böyük  rayonda cəmi nə qədər vəkil var? Tamam, bu nümayəndəlik institutu ləğv olundu. Sabah bu rayonun sakinləri nə edəcək? Biz vəkillərin sayını da artırmağı ciddi şəkildə düşünməliyik.
Əgər bu islahatlar qısa zamanda getməlidirsə, zəruridirsə, o zaman bu gündən bununla paralel olaraq, hörmətli Siyavuş müəllim də bunu vurğuladı, ölkədəki minlərlə gənc mütəxəssisləri imtahanlardan qısa zamanda keçirməklə bu institutu genişləndirmək lazımdır. Çingiz müəllim də vurğuladı, vəkillərin sayı az, işlər isə çoxdur və bu halda, təbii ki, vəkillər daha yaxşı, daha sərfəli işləri seçəcəklər. Maddi durumu zəif insanlar öz hüquqlarını yaxşı şəkildə müdafiə etmək imkanlarını itirmiş olacaqlar. Çünki insanların hamısı o haqqı verə bilməyəcək, o tələbatı yerinə yetirə bilməyəcək.
Burada daha ciddi müzakirələrin getməsinin səbəbi vəkillərimizin sayının həddindən artıq az olması ilə bağlıdır. Vəkillərin çoxu paytaxtdadır. Rayonlarda cəmi 263 vəkilimiz var. Təbii ki, millət vəkillərini də narahat edir ki, yanvarın 1-dən sonra nə olacaq? Əgər yanvarın 1-nə qədər vəkillərin sayında ciddi şəkildə artım olmasa, hansı problemlər yarana bilər, biz bunu da düşünməliyik.
Yenə vurğulayıram, biz nümayəndəlik institutundakı problemləri tənqid də etmişik, bu mənada narahatlıqlar da var və bu istiqamətdə müvafiq qurumun fikirlərini də anlayırıq. Amma bir məsələni də açıq etiraf etməliyik ki, sadəcə, bununla bu problemin həlli mümkün olmayacaq. İnsanlarımızda məhkəmə instansiyalarına inamı daha da gücləndirmək üçün məhkəmə qurumlarımızın özündə də ciddi şəkildə addımların atılmasına ehtiyac var.
Sadəcə, nümayəndəlik institutu ləğv olundu, sabah bu istiqamətdə xoşagəlməz söz-söhbətlər ortadan qalxacaq kimi düşünmək sadəlövhlük olardı. Çünki problem birtərəfli deyil, ikitərəflidir. O problemin ikinci tərəfində də ciddi addımların atılmasına ehtiyac var. Təbii ki, bu sahədə peşəkarlığın artmasına ehtiyac var və dələduzluq hallarını, insanların aldadılmasını istəmirik. Bir problemi ortadan çıxarırıqsa, digər problemin artmasının qarşısını almaq üçün müvafiq qurumlar tərəfindən bu 2 ay ərzində, noyabr, dekabr aylarında vəkillərin sayının artırılması istiqamətində ciddi addımlar atılmalıdır ki, yanvardan sonra özəlliklə bölgələrdə problemlərin ortaya çıxmasının şahidi olmayaq. Təbii ki, bu məsələlərin həllinə biz də dəstəyimizi göstərəcəyik. Amma bu, paralel şəkildə getməsə, yanvarda narahatlıq doğuran məqamların artması da ola bilər. Biz bununla bağlı istərdik ki, Ali Məhkəmənin...
Sədrlik edən. Sağ olun. Hörmətli həmkarlar, mən qeyd etdim, ümumiyyətlə, çıxışların məzmunu artıq bizə məlumdur. Bayaq dediyim kimi, Milli Məclisin iclasında Ali Məhkəmənin hakimləri, kollegiyanın sədri hörmətli Şəlalə xanım iştirak edir. Şəlalə xanım, çıxış etmək istəyirsiniz?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun.
Ş.Məmmədova, Azərbaycan Respublikası Ali Məhkəməsi Milli Kollegiyasının sədri.
Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli  millət vəkilləri! İlk növbədə millət vəkillərinə təşəkkürümü bildirirəm ki, nahar fasiləsində bizim qanunvericilik təşəbbüsü ilə göndərdiyimiz belə mühüm bir məsələyə diqqət göstərdiniz. 
Qeyd etmək istəyirəm ki, bu məsələ təxminən bir neçə aydır Milli Məclisdə və cəmiyyətdə müzakirə obyektinə çevrilib. Əslində isə Ali Məhkəmədə 3 ilə yaxındır ki, biz bu məsələni, nümayəndəlik məsələsini öyrənirik. Ümumiləşdirmə aparmışıq, Vəkillər Kollegiyasının, aidiyyəti  orqanların fikirlərini  öyrənmişik.
Çıxış edən millət vəkillərinin fikirlərinə böyük hörmətlə yanaşıram. Biz, ümumiyyətlə, nümayəndəlik institutunun məhdudlaşdırılması və ya aradan götürülməsi təklifini vermirik. Biz ancaq məhkəmə prosesində nümayəndələrin iştirakını, o da tam yox... Bildiyimiz kimi, Mülki Prosessual Məcəllənin 19-cu maddəsində göstərilir ki, kim nümayəndə ola bilər. “Yaxın qohumları və ya vəkil ola bilər” yazılıb. Burada da məhdudlaşdırma yoxdur. Bundan əlavə,  məhkəmə prosesində fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyəti olanlar və nümayəndə təyin olunmuş şəxslərin də nümayəndəliyi qəbul olunur. Burada heç bir məhdudiyyət yoxdur. Ümumiyyətlə, nümayəndə məhkəmə prosesinə aiddir, qalan bütün işlərdə vətəndaş kimi seçirsə, buyursun, nümayəndəlik eləsin. Bu yalnız məhkəmə prosesinə aid deyil. Sənədləri toplamaq, sənədləri məhkəməyə hazırlamaq səlahiyyəti nümayəndəliyə verilir.
Mən yenə də deyirəm, hamının fikrinə böyük hörmətlə yanaşıram. Burada səsləndi ki, işsizlik yaranacaq, narazı qalanlar olacaq. Həmin nümayəndələr onsuz da işsizdir. Bu onların iş yeri deyil ki, işsiz qalsınlar, narazı olsunlar.
Mən qeyd etmək istəyirəm ki, biz, əsasən, Mülki Prosessual Məcəllə ilə əlaqədar olaraq nümayəndəliyi məhdudlaşdırırıq. Məqsəd nədən ibarətdir? Bildiyiniz kimi, son zamanlar mülki işlər daha da artıb. Ailə mübahisələri, nikahın  pozulması, uşaqların ölkədən çıxarılması, valideynlik hüququndan məhrumetmə – son zamanlar bu mübahisələr artıb. Bu mübahisələri, əsasən, ailəyə yaxın tərəflər bilirlər və suallara cavab verirlər. Nümayəndə isə çox vaxt məhkəmədə iştirak edir. Tərəfə nümayəndə sual verəndə ki,  nikahın pozulmasına səbəb nədir, onlar bunu izah edə bilmirlər, çünki bunlardan xəbərsizdirlər.
Başqa bir məsələni də demək istəyirəm. Mən yenə deyirəm, hamının fikrinə böyük hörmətlə yanaşıram və kimisə öyrətmək fikrim yoxdur. Vətəndaş özü hər hansı bir səbəbdən məhkəməyə gedə bilmirsə, vaxtı məhduddursa, onda nümayəndə onu təmsil edir. Biz müəyyən etmişik ki, Ali Məhkəmənin özündə də işlərə baxanda tərəflər iştirak edirlər, gəlirlər. Əgər tərəf özü gəlirsə, məhkəmədə iştirak edirsə və hakimin suallarına cavab verirsə, nümayəndə orada qeyri-qanuni vəkillik edir.
Qaldı ki vətəndaşlara məsləhət vermək, onlar, adətən, birinci və ikinci instansiyaya aiddir. Çünki birinci və ikinci instansiyada vəkilin iştirakı vacib deyil. Yalnız Ali Məhkəmədə işlərə baxanda vəkillər iştirak edir. Burada heç bir problem yoxdur. Amma birinci və ikinci instansiyada tərəflər özləri də iştirak edirlər. Vəkilə ehtiyac da yoxdur, öz mübahisələrini nümayəndədən də çox yaxşı bilirlər.
Bundan əlavə, bir məsələni də qeyd etmək istəyirəm. Bildiyiniz kimi, mən Məhkəmə-Hüquq Şurasının üzvüyəm. Vətəndaşları qəbul edəndə görürsən ki, vətəndaşın şikayət etdiyi işin məzmunu ilə işin mahiyyəti, halları tamamilə fərqlidir. Soruşanda ki, niyə belədir, deyir, “vəkilim dedi”. “Vəkilin kimdir?” soruşanda elə ad-familiya deyir ki, bilmirsən. Soruşuruq ki, hansı məsləhətxanadır, siz ona harada müraciət etmisiniz? Deyir ki, mən müraciət etmədim, məhkəmənin binasına yaxınlaşanda dedi ki, vəkil lazımdırsa, mən vəkiləm. Demək istəyirəm ki, burada da nümayəndəni tərəf özü seçmir.
Eyni zamanda, burada səsləndi ki, vətəndaşların hüquqlarına məhdudiyyət qoyulur, onlara izahat verilmir. Bütün məhkəmələrdə məsləhətçilər var və o məsləhətçilər vətəndaşların ərizələrini qəbul edəndə onlara məsləhətlər verirlər, hansı sənədləri toplamaq lazımdırsa, izah edirlər. Belə halda da nümayəndəyə ehtiyac yoxdur. Diqqətinizə görə çox sağ olun, təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Şəlalə xanım, təşəkkür edirəm. Hörmətli həmkarlar, hesab edirəm ki, burada çox ciddi çıxışlar oldu, Azərbaycan Respublikasının Konstitusiyasının 61-ci maddəsində təsbit olunmuş “hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ”nun məziyyətləri, xüsusiyyətləri haqqında geniş fikirlər söylənildi.
Mən hesab edirəm ki, biz bu qanunu qəbul etməliyik. Nə mənada? O mənada ki, bu qanunun qəbulu vəkillik institutunun daha da inkişaf etməsinə və onun səviyyəsinin yüksəlməsinə kömək edəcək. Biz hər halda qanunu qəbul edək, aprobasiyasına Siyavuş müəllim demişkən təcrübədə baxarıq. Mən hesab edirəm ki, bu qanun işləyəcək. Ona görə xahiş edirəm, müsbət rəy bildirək. Xahiş edirəm, 36-cı məsələyə – Azərbaycan Republikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 15.24 dəq.)
Lehinə 76
Əleyhinə 4
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 82
Nəticə: Yetərsay yoxdur

Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Texniki səbəbdən səsvermədə problem yaranmışdır. Xahiş edirəm, bir daha səs verək.

Səsvermənin nəticələri (saat 15.24 dəq.)
Lehinə 77
Əleyhinə 4
Bitərəf 2
Səs vermədi 2
İştirak edir 85
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 15.24 dəq.)
Lehinə 79
Əleyhinə 4
Bitərəf 2
Səs vermədi 0
İştirak edir 85
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Nəhayət, xahiş edirəm, axırıncı məsələyə – “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 15.25 dəq.)
Lehinə 75
Əleyhinə 6
Bitərəf 2
Səs vermədi 1
İştirak edir 84
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. Təşəkkür edirəm, bununla da iclasımız sona çatır.

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi