2017-ci il 2 oktyabr tarixli iclasın stenoqramı

BEŞİNCİ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
VIII SESSİYASI İCLASININ

PROTOKOLU № 46

Milli Məclisin iclas salonu.
2 oktyabr 2017-ci il

İclasa Azərbaycan Respublikası Milli Məclisinin
Sədri O.Əsədov  sədrlik etmişdir.

İclasda Milli Məclisin 112 deputatı iştirak etmişdir.

Qeydiyyat (saat 12.18 dəq.)
İştirak edir 111
Yetərsay 83

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Azərbaycan Respublikası Milli Məclisinin 2017-ci il payız sessiyasının qanunvericilik işləri planı haqqında.
2. Xəqani Sərxan oğlu Abdullayevin Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvlüyündən azad edilməsi haqqında.
3. “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında SAH/SAM/BDD (Sualtı Hücum/Sualtı Müdafiə/Birinci Dərəcəli Dalğıc) birgə təlim müddətində Ev Sahibi Ölkə dəstəyinin şərtlərinə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
4. “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Əfqanıstan İslam Respublikasının Müdafiə Nazirliyi arasında Əfqanıstan İslam Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almaları haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
5. “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ilə İran İslam Respublikasının İqtisadi Məsələlər və Maliyyə Nazirliyi yanında Maliyyə Monitorinqi İdarəsi arasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində əməkdaşlığa dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
6. “Azərbaycan Respublikasının Prezidenti İ.H.Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti N.A.Nazarbayevin Birgə Bəyannaməsi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
7. “Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
8. “Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
9. “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Qazaxıstan Respublikasının Təhsil və Elm Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında”  Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
10. “Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında ikiqat vergiyə cəlb etməyə yol verilməməsi, gəlir və əmlak vergilərinin ödənilməsindən yayınma hallarının qarşısının alınması haqqında” 16 sentyabr 1996-cı il tarixli Sazişə əlavə və dəyişikliklərin edilməsi barədə Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında” Protokolun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
11. “Müqavilələr Hüququ haqqında” Vyana Konvensiyasına qoşulmaq barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
12. “Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro Hökuməti arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
13. “GUAM üzvü olan dövlətlərin dövlət sərhədlərindən keçirilən mallar və nəqliyyat vasitələri haqqında gömrük prosedurlarının müəyyən nəticələrinin qarşılıqlı tanınması barədə” GUAM üzvü olan dövlətlərin gömrük qurumları arasında Protokolun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
14. “Azərbaycan Respublikası Hökuməti ilə Cibuti Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
15. “Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası ilə Dövlətlərarası Aviasiya Komitəsi arasında aviasiya hadisələrinin araşdırılması və qarşısının alınması sahəsində qarşılıqlı fəaliyyət haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
16. “Qaçaqmalçılıq və gömrük qaydalarının pozulmasına dair İqtisadi Əməkdaşlıq Təşkilatının məlumat bazasının yaradılması və fəaliyyəti barədə” Sazişin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
17. “Azərbaycan Respublikası Hökuməti ilə Laos Xalq Demokratik Respublikası Hökuməti arasında diplomatik pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
18. “Azərbaycan Respublikası Hökuməti ilə Kosta Rika  Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında”  Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
19. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
20. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
21. “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
22. “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
23. “Polis haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
24. “Azərbaycan Polisinin 100 illiyi (1918–2018)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar  “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında”  Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
25. “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsi haqqında.
26. “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə  Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
28. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
29. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
30. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri  haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
31. Azərbaycan  Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
32. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
33. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
34. Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 2017-ci il iyunun 13-də qəbul edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa Azərbaycan Respublikası Prezidentinin etirazı haqqında.

Aşağıdakı məsələlər müzakirə edilmişdir:

Gündəlik haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.19 dəq.)
Lehinə 107
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 107
Nəticə: Qəbul edildi

1. Azərbaycan Respublikası Milli Məclisinin 2017-ci il payız sessiyasının qanunvericilik işləri planı haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Siyavuş Novruzov, Əli Məsimli, Fazil Mustafa, Vahid Əhmədov, Fərəc Quliyev, Zahid Oruc, Tahir Rzayev, Musa Quliyev, Qənirə Paşayeva, Əli Hüseynli, Astan Şahverdiyev, Aydın Mirzəzadə, Jalə Əliyeva, Musa Qasımlı, Xanhüseyn Kazımlı, Çingiz Qənizadə, Elman Məmmədov

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.33 dəq.)
Lehinə 108
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 108
Nəticə: Qəbul edildi

2. Xəqani Sərxan oğlu Abdullayevin Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvlüyündən azad edilməsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.35 dəq.)
Lehinə 107
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 108
Nəticə: Qəbul edildi

3. “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında SAH/SAM/BDD (Sualtı Hücum/Sualtı Müdafiə/Birinci Dərəcəli Dalğıc) birgə təlim müddətində Ev Sahibi Ölkə dəstəyinin şərtlərinə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.37 dəq.)
Lehinə 110
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 110
Nəticə: Qəbul edildi

4. “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Əfqanıstan İslam Respublikasının Müdafiə Nazirliyi arasında Əfqanıstan İslam Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almaları haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.40 dəq.)
Lehinə 109
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 110
Nəticə: Qəbul edildi

5. “Azərbaycan Respublikasının Prezidenti İ.H.Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti N.A.Nazarbayevin Birgə Bəyannaməsi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Səməd Seyidov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.42 dəq.)
Lehinə 107
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 107
Nəticə: Qəbul edildi

6. “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ilə İran İslam Respublikasının İqtisadi Məsələlər və Maliyyə Nazirliyi yanında Maliyyə Monitorinqi İdarəsi arasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində əməkdaşlığa dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyafət Əsgərov, Tahir Kərimli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.48 dəq.)
Lehinə 107
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 108
Nəticə: Qəbul edildi

7. “Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Eldar İbrahimov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.50 dəq.)
Lehinə 105
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 105
Nəticə: Qəbul edildi

8. “Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə, Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.52 dəq.)
Lehinə 105
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 105
Nəticə: Qəbul edildi

9. “Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında ikiqat vergiyə cəlb etməyə yol verilməməsi, gəlir və əmlak vergilərinin ödənilməsindən yayınma hallarının qarşısının alınması haqqında" 16 sentyabr 1996-cı il tarixli Sazişə əlavə və dəyişikliklərin edilməsi barədə Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında” Protokolun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.53 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 103
Nəticə: Qəbul edildi

10. “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Qazaxıstan Respublikasının Təhsil və Elm Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:
  Ziyafət Əsgərov, İsa Həbibbəyli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.57 dəq.)
Lehinə 107
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 108
Nəticə: Qəbul edildi

11. “Müqavilələr hüququ haqqında” Vyana Konvensiyasına qoşulmaq barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.58 dəq.)
Lehinə 105
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 105
Nəticə: Qəbul edildi

12. “Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro  Hökuməti arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.59 dəq.)
Lehinə 106
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 106
Nəticə: Qəbul edildi

13. “GUAM üzvü olan dövlətlərin dövlət sərhədlərindən keçirilən mallar və nəqliyyat vasitələri haqqında gömrük prosedurlarının müəyyən nəticələrinin qarşılıqlı tanınması barədə” GUAM üzvü olan dövlətlərin gömrük qurumları arasında Protokolun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.00 dəq.)
Lehinə 105
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 105
Nəticə: Qəbul edildi

14. “Azərbaycan Respublikası Hökuməti ilə Cibuti Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:
  Ziyafət Əsgərov, Ziyad Səmədzadə, Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.02 dəq.)
Lehinə 107
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 108
Nəticə: Qəbul edildi

15. “Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası ilə Dövlətlərarası Aviasiya Komitəsi arasında aviasiya hadisələrinin araşdırılması və qarşısının alınması sahəsində qarşılıqlı fəaliyyət haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə, Tahir Kərimli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.05 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 105
Nəticə: Qəbul edildi

16. “Qaçaqmalçılıq və gömrük qaydalarının pozulmasına dair İqtisadi Əməkdaşlıq Təşkilatının məlumat bazasının yaradılması və fəaliyyəti barədə” Sazişin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.07 dəq.)
Lehinə 109
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 109
Nəticə: Qəbul edildi

17. “Azərbaycan Respublikası Hökuməti ilə Laos Xalq Demokratik Respublikası Hökuməti arasında diplomatik pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Səməd Seyidov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.10 dəq.)
Lehinə 109
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 109
Nəticə: Qəbul edildi

18. “Azərbaycan Respublikası Hökuməti ilə Kosta Rika  Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Səməd Seyidov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.11 dəq.)
Lehinə 110
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 110
Nəticə: Qəbul edildi

19. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyafət Əsgərov, Fazil Mustafa

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.18 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 104
Nəticə: Qəbul edildi

20. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.20 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 104
Nəticə: Qəbul edildi

21. “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.21 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 4
İştirak edir 104
Nəticə: Qəbul edildi

22. “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Valeh Ələsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.23 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 103
Nəticə: Qəbul edildi

23. “Polis haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.24 dəq.)
Lehinə 101
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

24. “Azərbaycan Polisinin 100 illiyi (1918–2018)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar  “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında”  Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli, Çingiz Qənizadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.28 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 103
Nəticə: Qəbul edildi

25. “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.30 dəq.)
Lehinə 105
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 105
Nəticə: Qəbul edildi

26. “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.31 dəq.)
Lehinə 105
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 106
Nəticə: Qəbul edildi

27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə  Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.33 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

28. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.34 dəq.)
Lehinə 104
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 106
Nəticə: Qəbul edildi

29. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan  Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.35 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 103
Nəticə: Qəbul edildi

30. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri  haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.37 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 103
Nəticə: Qəbul edildi

31. Azərbaycan  Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.38 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 104
Nəticə: Qəbul edildi

32. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə, Tahir Kərimli, Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.43 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 105
Nəticə: Qəbul edildi

33. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Hadi Rəcəbli, Sədaqət Vəliyeva

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.45 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

34. Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 2017-ci il iyunun 13-də qəbul edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa Azərbaycan Respublikası Prezidentinin etirazı haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli, Zahid Oruc

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.53 dəq.)
Lehinə 106
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 106
Nəticə: Qəbul edildi

 

Azərbaycan Respublikası
Milli Məclisinin Sədri
O.ƏSƏDOV

 


MİLLİ MƏCLİSİN İCLASI

2 oktyabr 2017-ci il. Saat 12.

Azərbaycan Respublikası  Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri, hörmətli media nümayəndələri! Milli Məclisin 2017-ci il payız sessiyasını açıq elan edirəm.
(Azərbaycan Respublikasının Dövlət himni səslənir.)
Hörmətli deputatlar, payız sessiyasının başlanması münasibəti ilə hamınızı ürəkdən təbrik edirəm və parlamentin qanunvericilik fəaliyyətinin səmərəli olmasını arzulayıram.
Bildiyiniz kimi, Milli Məclis 2017-ci ilin yaz və növbədənkənar sessiyalarını uğurla başa vurmuşdur. Milli Məclisin Konstitusiya ilə nəzərdə tutulan qanunvericilik səlahiyyətləri tam həcmdə yerinə yetirilmişdir. Dövlət başçısı cənab İlham Əliyevin uzaqgörən siyasətinin parlament səviyyəsində dəstəklənməsi üçün lazımi tədbirlər həyata keçirilmişdir. Parlamentin 14 iclasında 268 qanun və qərar qəbul edilmişdir.
Milli Məclisin beynəlxalq əlaqələri də inkişaf etmişdir. Bildiyiniz kimi, Azərbaycan parlamenti 10 beynəlxalq parlament assambleyasının üzvüdür və bu beynəlxalq təşkilatlarda bizim parlamentin üzvləri çox fəal iştirak etmişlər. Parlamentin yaz və növbədənkənar sessiyalarında və sonrakı dövrdə 33 ölkəyə 90-dan çox səfər həyata keçirilmiş, 34 xarici dövlətin və 12 beynəlxalq təşkilatın 70 nümayəndə heyəti Milli Məclisdə olmuşdur.
Millət vəkillərimiz Türkmənistanda keçirilən Prezident seçkilərini, Qazaxıstanda və Bolqarıstanda keçirilən parlament seçkilərini və Türkiyədə keçirilən referendumu müşahidə etmişlər.
Milli Məclisin xətti ilə Bakıda 4 beynəlxalq təşkilatın tədbirləri keçirilmişdir.
Hörmətli deputatlar, bu gün biz Milli Məclisin yeni sessiyasına başlayırıq. Payız sessiyasının qanunvericilik işləri planı hazırlanmışdır və biz bu məsələləri müzakirə edəcəyik. Bundan başqa, bu sessiyada bir sıra zəruri aktların da qəbul olunması nəzərdə tutulur. Xüsusən biz Azərbaycan Respublikasının dövlət büdcəsi haqqında qanun layihəsini və büdcə zərfinə daxil olan digər sənədləri müzakirə edəcəyik.
Hörmətli deputatlar, əminəm ki, Milli Məclisin payız sessiyası yüksək səviyyədə keçəcəkdir. Sizin hamınıza bu sessiyada uğurlar arzulayıram.
İndi xahiş edirəm, qeydiyyatdan keçək.

Qeydiyyat (saat 12.18 dəq.)
İştirak edir 111
Yetərsay 83

Çox sağ olun, yetərsay var, iclasımıza başlaya bilərik. Gündəlik sizin hamınıza paylanıb. Xahiş edirəm, gündəliyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.19 dəq.)
Lehinə 107
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 107
Nəticə: Qəbul edildi

Gündəlik qəbul edildi, sağ olun.
Gündəliyin 1-ci məsələsinə keçmədən öncə müzakirələrə ehtiyac varsa...
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yoxdur. Onda gündəliyin birinci məsələsinin müzakirəsinə keçirik. İlk məsələ Azərbaycan Respublikası Milli Məclisinin 2017-ci il payiz sessiyasının qanunvericilik işləri planı haqqında Milli Məclisin qərar layihəsidir. Buyurun, Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Mən də Oqtay müəllim, başda Siz olmaqla bütün həmkarlarımı parlamentin payiz sessiyasının başlaması münasibəti ilə təbrik edirəm. Hesab edirəm ki, biz bu sessiyada xalqımız, millətimiz, dövlətimiz üçün lazım olan qanunları qəbul edəcəyik. Parlamentin payız sessiyasına təqdim olunan qanunvericilik işləri planı hərtərəfli şəkildə işlənilib, bütün komitələr tərəfindən baxılıb və təqdim olunub. Bir neçə məsələ var ki, yəqin, gələcəkdə qanunvericilik təşəbbüsü ilə Milli Məclisin deputatları tərəfindən irəli sürüləcəkdir.
Mən bir neçə dəfə burada “Siyasi partiyalar haqqında” Qanunla bağlı siyasi partiyaların maliyyə hesabatları məsələsini qaldırmışam. Bu yaxınlarda Dağlıq Qarabağ üzrə ATƏT-in müşahidə qrupunun rəhbəri ilə görüşəndə o da qeyri-hökumət təşkilatlarının fəaliyyəti ilə bağlı bir neçə məsələ qaldırdı. Mən hesab edirəm ki, məsələ, doğrudan da, tam şəkildə onun başa düşmədiyi səviyyədə idi. Yəni bu məsələlər bizdə müzakirə olunub, qəbul olunubdur. Söhbət xarici qrantların alınmasından gedir. Təbii ki, hər bir dövlət bunun qarşısını almaq üçün şəffaflıq mexanizmini tətbiq edir. Azərbaycanda da bu şəffaflıq mexanizmi tətbiq olunub və  istənilən qeyri-hökumət təşkilatı bunu ala bilər. Amma ilk növbədə onun mənbəyi və hara sərf olunduğu haqqında hesabat verməlidir. Terrorizmin  maliyyələşdirilməsindən başqa dünyada elə bir maliyyə mənbəyi yoxdur ki, onun hesabatı olmasın. Qalan hallarda bütün maliyyə hesabatları təqdim olunur.
Hesab edirəm ki, “Siyasi partiyalar haqqında” Qanunda da biz mütəmadi dəyişiklik etmişik. Bu dəfə də o dəyişikliyə bir əlavə də olunmalıdır: “hesabat verməyən siyasi partiyalar”. Çünki Mərkəzi Seçki Komissiyasi tərəfindən açıqlamalar verilib. Bir qrup siyasi partiya mütəmadi olaraq bu hesabatları verir. Bir qrup, ümumiyyətlə, hesabatlarında heç nə göstərmir, digər bir qrup isə hesabat verməkdən boyun qaçırır. Bunun mexanizmi qanunla tənzimlənməlidir. Mən hesab edirəm ki, o bura daxil olsa, daha məqsədəuyğun olar.
Eyni zamanda, qeyri-hökumət təşkilatları ilə bağlı etdiyimiz əlavə və düzəlişlər də beynəlxalq təşkilatlara düzgün formada çatdırılmalıdır. Onlar hər hansı bir müxalifət qəzetindən, müxalifət mənbəyindən və Azərbaycana qara yaxmaq istəyən qüvvələrdən bu informasiyanı almamalıdırlar. Biz bu informasiyanı düzgün çatdırmalıyıq. Burada Siz də qeyd etdiniz, hər bir beynəlxalq təşkilatda bizim qruplar çox fəal şəkildə iştirak edirlər. Amma qəbul etdiyimiz hər bir səviyyəli qanun onların nəzərinə düzgün çatdırılmalıdır ki, onlar o qanunlar haqqında düzgün fikir ifadə etsinlər və düşünməsinlər ki, biz hər hansı bir təşkilatın fəaliyyətini məhdudlaşdırmaq istəyirik.
Oqtay müəllim, bir məsələyə də xüsusi toxunmaq istəyirəm. Son vaxtlar Azərbaycanın apardığı müstəqil siyasət, cənab Prezidentin apardığı siyasət və bütün beynəlxalq təşkilatlarda Azərbaycanı çox yüksək səviyyədə təmsil etməsi,  Azərbaycanda olan ictimai-siyasi sabitlik, iqtidar-xalq birliyi, Azərbaycan əhalisinin, demək olar ki, hamısının cənab Prezidenti dəstəkləməsi bir sıra qüvvələri narahat edir, müxtəlif mənbələrdən Azərbaycan haqqında düzgün olmayan qərarlar və bəyanatlar verilir və yaxud da mətbuat orqanlarında yazılar dərc olunur. Hər bir parlament üzvü, o cümlədən ictimai-siyasi təşkilatın nümayəndələri buna qarşı fikirlərini mətbuatda və digər yerlərdə ortaya qoyublar. Mən hesab edirəm ki, bu qərəzçilik aradan qaldırılmalıdır. Artıq bu qərəzçilik tədricən beynəlxalq təşkilatlara da sirayət etməyə başlayıb və Azərbaycan haqqında qeyri-obyektiv qərarlar qəbul etməyə çalışırlar.
Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür. Bu günə qədər hansı məsələ irəli sürülübsə, Azərbaycan bu öhdəlikləri tam şəkildə yerinə yetirib. Elə ölkələr var ki, 10 ildir Avropa Şurasının və digər beynəlxalq təşkilatın üzvüdür, lakin bu günə qədər heç bir öhdəlik yerinə yetirmirlər. Yaxud da beynəlxalq konvensiyaların heç birinə qoşulmur, birtərəfli qoşulur və ya birinə qoşulur, digərinə qoşulmurlar. Bunlar haqqında heç bir tədbir görülmür. Son vaxtlar istiqamət  ancaq Azərbaycan və Türkiyəyə qarşı yönəlibdir. Bu da Azərbaycanın apardığı düzgün, uğurlu, müstəqil siyasətin bariz nümunəsidir.  Bizim heç bir böyük dövlətə kiçik qardaşlıq etmək fikrimiz yoxdur. Bizim siyasətimiz ümummilli liderimiz tərəfindən müəyyənləşdirilən balanslaşdırılmış xarici siyasətdir. Bu gün Prezidentimiz tərəfindən bu, uğurla həyata keçirilir. Hər bir ölkə ilə bərabər səviyyədə, bərabər müstəvidə əməkdaşlıq etməyə hazırıq. Bu da bəyan olunubdur.
Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdə yüksək səviyyədə təşkilatçılıq bir sıra ölkələrdə erməni lobbisini və onun himayədarlarını, Azərbaycanda onlara dəstək verən qüvvələri narahat etməyə başlayır. Bu və ya digər şəkildə ictimaiyyəti çaşdırmaq üçün qeyri-obyektiv yazılar dərc edirlər, bəyanatlar səsləndirirlər, nəyi isə tələb eləməyə çalışırlar.
Biz hər bir tövsiyəni eşitməyə hazırıq. Amma bizim üzərimizdə hər hansı bir yuxarı qurum yoxdur ki, onun tapşırığını “ləbbeyk” deyib yerinə yetirək. O baxımdan hesab edirəm ki, bizim hər bir qurumda olan millət vəkillərimiz, orada təmsil olunan nümayəndə heyətimiz onların diqqətinə çatdırsınlar ki, biz ora Azərbaycanın öz dəyərləri ilə getmişik. Onlar  Azərbaycanın dəyərlərindən istifadə etməyə çalışsınlar, hər hansı bir yuxarı orqan kimi göstəriş vermək haqqında düşünməsinlər. Hesab edirəm ki, gələcəkdə biz qanunvericiliyimizdə bununla bağlı müəyyən addımlar atmalıyıq. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Hörmətli millət vəkilləri, 13 nəfər millət vəkili yazılıb. Bəlkə 5 dəqiqəyə keçək?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda 5 dəqiqə xahiş edirəm. Əli Məsimli.
Ə.Məsimli. Çox sağ olun, cənab Sədr. Mən də Milli Məclisin 2017-ci il payız sessiyasının başlanması münasibəti ilə Milli Məclisin rəhbərliyini, deputat həmkarlarımı, aparatın nümayəndələrini, medianı təbrik edirəm, işlərində uğurlar arzulayıram. Milli Məclisin payız sessiyasında qəbul ediləcək qanun layihələrinə Milli Məclis Sədrinin çıxışı zamanı dediyi yaz sessiyasında qəbul edilən 268 qanun və qərarın kontekstindən yanaşsaq, qeyd eləmək istəyərdim ki, yəqin, payız sessiyasında da bu cür məhsuldarlıq nümayiş etdirmək mümkün olacaq.
Eyni zamanda, mən burada öz əksini tapan qanun layihələrinə iki kontekstdən baxmaq istərdim. Birinci kontekst ondan ibarətdir ki, Prezident seçkilərinə bir ildən çox vaxt qalmasına baxmayaraq, artıq bu regionda maraqları olan ölkələrin Azərbaycana təzyiqi güclənib. Mən hesab edirəm ki, bu təzyiqlərə ən sanballı cavab islahatların cəmiyyət həyatının bütün sahələrində dərinləşdirilməsi və genişləndirilməsidir. Dünya çapında xüsusi qeyd oluna biləcək məsələ isə islahat xarakterli qanunların qəbul edilməsidir ki, Milli Məclisin payız sessiyasının gündəliyində bu qəbildən xeyli qanun layihəsi var. Dövlət rəmzləri haqqında Konstitusiya qanunlarını, 2018-ci ilin dövlət büdcəsi zərfinə daxil olan sənədləri, eyni zamanda, Hesablama Palatası haqqında, Peşə təhsili haqqında qanun layihələrini xüsusi qeyd eləmək istərdim.
Bir də, bir sıra qanun layihələrinin bura əlavə edilməsini strateji yol xəritəsi kontekstindən qeyd eləmək istərdim. Keçən il bu sənəd qəbul ediləndən sonra yaz sessiyasında xeyli dərəcədə nəzərə alınmışdır. Hesab edirəm ki, bu sessiyada da nəzərə alınacaq.
Bu nöqteyi-nəzərdən ən ciddi məsələlərdən birini maliyyə sektorundakı problemlərin həllinin sürətləndirilməsi üçün qanunvericilik sənədlərinin qəbul edilməsi və təkmilləşdirilməsində görürəm. Azərbaycanda hər 4 nəfərdən biri banklara borcludur. Devalvasiyalardan sonra  problemli kreditlər də təxminən 2 dəfəyə qədər artıb. Bu əvvəlcə 10 faizin altında idi, indi isə təhlükəli həddə gəlib çatıb.
Hesab edirəm ki, bu problemin həllinin hüquqi bazasının təkmilləşdirilməsi istiqamətində bir sıra addımlar atmaq olar. Birinci, dünyanın heç bir yerində borcu olanı həbs eləmirlər, qanunvericiliklə, məhkəmə mexanizmi vasitəsi ilə tənzimləyirlər. Onlar bankrot elan olunur və bu vasitə ilə də problem həll edilir. 
İkinci, biz sivil dünyaya inteqrasiya ediriksə, belə bir qanunvericilik sənədinin qəbul edilməsinə ehtiyac var. Ona görə ki, həmin borcların bir hissəsi qaytarılması mümkün olmayan borclardır ki, artıq onun uzadılmasına ehtiyac yoxdur. Hesab edirəm ki, problemli kreditlər haqqında yeni bir qanun layihəsi qəbul etməklə bu istiqamətdə irəliyə doğru ciddi addım atmaq olar. Deputat həmkarım Vahid Əhmədovla birgə verdiyimiz sənədlərdə Mülki Məcəllə, banklarla bağlı bir sıra qanunvericilik məqamları öz əksini tapıb. Hesab edirəm ki, onların həyata keçirilməsi ilə o problemli kreditlərdə artımın haradasa 15 faizi səviyyəsində pul sərf etməklə məsələni xeyli dərəcədə yumşaltmaq olar. Azərbaycanda kiçik müəssisələrin sayı bütün müəssisələrin sayının 80 faizi səviyyəsindədir. Amma kiçik müəssisələr ümumi daxili məhsulda 6 faiz, işçilərin sayında 6,5 faiz, investisiyada 9 faiz, mənfəətdə isə cəmi 1 faiz paya malikdir. Hesab edirəm ki, strateji yol xəritəsində də qeyd edildiyi kimi, bunun payını 2020-ci ildə 15–20 faizə, 2025-ci ildə 35 faizə, 25-ci ildən sonra isə 60 faizə çatdırmaq olar. Bunun üçün isə qanunvericilik sənədlərinin əsaslı surətdə təkmilləşdirilməsinə və kiçik biznesin stimullaşdırılması istiqamətində bir model qanuna və digər qanunların da buna müncər edilməsinə böyük ehtiyac var.
Strateji yol xəritəsindən çıxan orta müddətdə effekt verən sənədlər içərisində Rəqabət Məcəlləsini xüsusi qeyd eləmək istərdim. Bir cümlə ilə bunun üzərindən keçirəm, çünki deputat həmkarım Vahid Əhmədov bu haqda danışacaq. Uzun müddətli effekt verən məsələlər isə təhsillə bağlıdır. 8 il bundan qabaq “Təhsil haqqında” Qanun qəbul edilib. 
Sədrlik edən.  Sağ olun. Fazil Mustafa.
F.Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Bizə təqdim olunan qanunvericilik işləri planında çox mühüm, vacib, cəmiyyətin gözlədiyi qanunlar var. Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında, Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında qanunlar. Amma mən bunların içərisində bir qanunu – Kinematoqrafiya haqqında qanun layihəsini ayırmaq istəyirəm. Bildiyimiz kimi, bizdə ən az diqqət ayrılan sahələrdən biri kino sahəsidir. Niyə bunu deyirəm? Büdcədən bura cəmi 1 milyon manat vəsait ayrılıb. Xatırlayırsınızsa, dizi çəkilişinə 5 milyon manat pul ayrıldı. Kino strateji bir sahədir. Ölkənin təbliği, ölkəyə pul gətirmə baxımından da ən vacib sahələrdən biridir. Amma bu sahəyə ayrılan vəsait yaxşı film çəkilməsinə, kino turizminin inkişaf etməsinə imkan vermir.
Bildiyiniz kimi, xaricdə müəyyən film komissiyaları yaradılır. Onlar ölkələrə təkliflər verirlər ki, sizə pul ayırırıq, bizə səhra, dağ, şəhər, kənd mühiti verin, orada filmlərin çəkilməsini gerçəkləşdirək. Ölkə də bundan pul qazanır. Ötən il Gürcüstanda qanun qəbul olundu. Gürcüstana 250 min dollar yatıran hər hansı bir film komissiyası 20 faiz o pulu geri alır. Belə stimullaşdırma ilə bunu ölkəyə gətirirlər. Azərbaycanda səhra, dağ – hər şey var, amma qanun olmadığına görə gələn adamların böyük əksəriyyəti geri göndərilirlər. Bu qanun olduqca vacibdir ki, ölkəyə müəyyən dərəcədə gəlir gətirmək mümkün olsun. Biz bu dizi filmləri ilə dünyaya çıxa bilməyəcəyik, ancaq Bakıda qadınlarımızın, bir az da oxumayan insanlarımızın başını qatacağıq. Amma filmlə dünyanın Azərbaycana marağını artırmağa imkanımız daha genişdir. Bundan istifadə eləməyimiz vacibdir.
İkinci vacib məsələ, hesab edirəm ki, miqrasiya ilə bağı qanunda dəyişikliklərlə bağlı müddəalar burada nəzərdə tutulmalı idi. Nəyə görə? Dəfələrlə,  Milli Məclisdə qaldırmışam, Oqtay müəllim, sağ olun, Siz də bəzi məsələlərdə dəstək verdiniz. Bu günlərdə “Yeni Müsavat” qəzetində dərc olunan yazıda İstanbulda qeyri-qanuni yaşayan azərbaycanlı uşaqlardan bəhs olunur. Ürək ağrısı ilə oxudum ki, orada bütün məktəblərdə, onların yaşadığı yerlərdə “Mehdi ordusu”, “Hüseynçi ordular”, “Hizbullahın kampları”... Azərbaycana qarşı yetişdirilən “azərbaycanlı qüvvəsi” artıq formalaşıb, bunun qarşısını ala bilmədik.
Təbii ki, bu, konsulluqla həll olunan məsələ deyil. Çünki İstanbuldakı konsulluğumuza azərbaycanlı tələbələr notarial qaydada Türkiyədə təsdiq olunmuş sənədi təqdim edəndə onlara deyilir ki, bizim işlədiyimiz bir notarius var, gedin, orada sənədi təkrar təsdiq eləyin. 300 lirə də ora verin. Yəni Azərbaycan tələbəsinə özlərinin şərik olduğu notariusda sənədi mütləq təkrar təsdiq elətdirmək tələbi qoyurlarsa, deməli, onların Azərbaycanın taleyinə də baxışları təqribən eyni olacaq. Amma heç olmasa, dövlətimiz bu istiqamətdə müəyyən addımlar atmağa borcludur. Çünki sabah biz hansısa şərtlərdən olur-olsun xarici ölkəyə gedən azərbaycanlının düşmənə çevrilməsinin qarşısını almalıyıq.
Üçüncü vacib məsələ, hesab edirəm, burada dövlət rəmzləri ilə bağlı qanun layihələrinin nəzərdə tutulmasıdır. Amma dövlətin dəyərlərinin hamısı müqəddəsdir. Dövlətin pasportu da, hərbi bileti də müqəddəsdir. Bunlar bizim üçün dəyərdir. Ölkənin rayon icra hakimiyyətində oturan bir məmuru mən müstəqil Kürdüstana görə Azərbaycan pasportunu, Azərbaycan hərbi biletini yandırmağa hazıram deyərək meydan oxuyursa, Aqanbekyanın 30 il öncəki çıxışını xatırlayın. Ermənilər bir Aqanbekyan “akademik” tapıb ortaya çıxardılar və 30 ildir, bunun bəlasını Azərbaycan torpaqlarını itirməklə çəkir. Biz Kərkük türklərini dəstəkləyirik, soydaşlarımızdır. Amma ondan da öncə Türkiyə ilə uzlaşan bir siyasət yeridirik. Buradan məmurlar səviyyəsində səslənən mesajlar Türkiyə ilə münasibətlərimizi pozmağa yönəlib. Kiminsə müəyyən bir xalqa marağı normal qəbul olunur. Amma məmurun bu işə qarışması və Azərbaycana torpaq iddiası olan qondarma qurumların müəyyən dərəcədə dəstəklənməsi prosesinin legitimləşdirilməsi Azərbaycan üçün, dövlətimiz üçün böyük təhlükədir. Azərbaycan pasportu dəyərlidir,  onu yandırmaq istəyən hər kəs cəhənnəm olub getsin. Hansı ölkəni sevirsə, gedib onun pasportunu da daşısın.
Sədrlik edən. Çox sağ olun. Vahid Əhmədov.
V.Əhmədov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Payız sessiyasının başlanması münasibəti ilə hamınızı təbrik edirəm, işlərinizdə uğurlar arzulayıram. Dekabr ayında cənab Prezident strateji yol xəritəsini imzaladı. Bu, Azərbaycan iqtisadiyyatının uzun müddət inkişafı üçün əsas sənəddir.
Bu sənədə uyğun olaraq Azərbaycan Milli Məclisinin üzərinə də bir sıra məsuliyyət düşür. Bunlardan biri Azərbaycanda çox ciddi müzakirə obyekti olan Rəqabət Məcəlləsinin qəbul edilməsidir. Biz mütəmadi olaraq bu məsələyə toxunuruq. Amma çox təəssüf ki, Rəqabət Məcəlləsini qəbul edə bilmirik. Yəni Rəqabət Məcəlləsinin qəbul edilməsi Azərbaycanda kiçik, orta və iri sahibkarlığın inkişafı, bərabərhüquqlu təminatın yaradılması üçün çox böyük əhəmiyyət kəsb edir. Ona görə də xahiş edərdim ki, payız sessiyasında, heç olmasa, Rəqabət Məcəlləsi, necə deyərlər, birinci oxunuşda qəbul edilsin.
İkinci ən ciddi məsələ təhsil kreditləri ilə bağlıdır. Bizə həddən artıq müraciətlər var. İnstituta qəbul olunmuş insanlar təhsillərini davam etdirə bilmirlər. Son vaxtlar institutlarda təhsil haqları da artırılıb. Bütün bunları nəzərə alaraq mən və həmkarım Əli Məsimli Təhsil kreditləri haqqında qanun layihəsini Milli Məclisə vermişik və müəyyən qədər müzakirə obyekti də olub. Amma çox təəssüflər olsun ki, gündəliyə salınmayıb və bu günə qədər də o müzakirəni biz axıra qədər apara bilməmişik. Ona görə xahiş edirəm ki, Təhsil kreditləri haqqında qanun layihəsi gündəliyə salınsın və müzakirə edilsin.
Sonra, burada həmkarım toxundu, ən ciddi məsələ bank sistemi ilə əlaqədardır. Mən komitənin iclasında da bu məsələyə toxundum. Bir neçə ildir ki, bu məsələni qaldırıram. Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılanda biz belə hesab etdik ki, bu palata Azərbaycan bank sistemində müəyyən sağlamlaşma prosesini həyata keçirəcək. Amma çox təəssüflər olsun ki, biz bunun şahidi olmadıq.
Keçən il vaxtı keçmiş kreditlər 1,6 milyard manat idisə, artıq 1,8 milyard manatı keçib. Bu, Azərbaycanın maliyyə bazarı üçün ciddi prosesdir və bunu nəzərə almaq lazımdır.  Bank sistemindəki problemlər Azərbaycan iqtisadiyyatının inkişafını əngəlləyir. Cənab Prezidentin qeyd etdiyi kimi, 2016-cı ildə Azərbaycan iqtisadiyyatına ən çox ziyan vuran bank sistemi olub. Ona görə də təklif edirəm ki, Milli Məclisdə bank rəhbərləri ilə görüş keçirilsin. Bizim müəyyən təklif və iradlarımız var, bunlar müzakirə obyekti olmalıdır. Vaxtı keçmiş, o cümlədən dollarla verilmiş kreditlərin geri qaytarılması, məhkəmə sistemində yaranmış problemləri əhalinin vəziyyəti həddən artıq ağır olduğu üçün müəyyən qədər gündəliyə gətirməyə ehtiyac var. Ona görə də cənab Sədr, Sizdən xahiş edirəm, gəlin, Milli Məclisdə bank sisteminin rəhbərliyi ilə müəyyən görüşlər keçirək və təkliflərimizi verək. Bu proses nə qədər davam edəcək? Bu gün bank sistemində faizlər 28–30 faizdən aşağı düşmür. İnsanlar kreditlərini qaytara bilmirlər.
Bir məsələyə də münasibətimi bildirmək istəyirəm. Fazil Mustafa qeyd elədi, son vaxtlar bəzi dövlətlərdə müstəqilliklə əlaqədar referendumlar keçirilir. Dünən İspaniyada da belə bir referendum keçirilib və hətta rusiyalı senator da onu müdafiə edərək qeyd edib ki, Dağlıq Qarabağda da bu keçirilməlidir və tanınmalıdır.
Digər bir məsələni də Fazil müəllim burada qeyd elədi. Azərbaycan məmuru, necə ola bilər ki, sən cibində Azərbaycan pasportu daşıyırsan, amma buradan Kürdüstanı müdafiə edirsən? Bilirsən ki, Azərbaycan dövləti Dağlıq Qarabağda separatizmdən əziyyət çəkir. Cənab Baş prokuror Zakir Qaralovdan xahiş edirəm ki, bu məsələlərə ciddi yanaşsın. Azərbaycanın müstəqilliyinə xələl gətirən hər bir qərar, hər bir fikir diqqət mərkəzində olmalıdır. Buna diqqət yetirməsək, gələcəkdə Azərbaycan üçün problem yarana bilər. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Fərəc Quliyev.
F.Quliyev. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli kolleqalar! Mən də hamınızı payız sessiyasının başlaması münasibəti ilə təbrik edirəm, işlərinizdə uğurlar arzulayıram. Hörmətli Oqtay müəllim öz çıxışında bildirdi, parlamentimiz keçən dövrdə çox səmərəli çalışıb, hətta yay tətilində belə ciddi görüşlərin keçirilməsinə nail olub. Elə bir vaxt olmayıb ki, bizim parlament mühüm məsələlərdən kənarda qalsın. Ona görə mən qanunvericilik işləri planını təqdir edirəm. Çox normal məsələlər salınıb.
Bununla belə, iş planına bir neçə məsələnin salınmasını da məqsədəuyğun hesab edirəm. Bunlardan biri İraqda kürd muxtariyyəti ilə bağlı keçirilmiş referenduma münasibətdir ki, bunun bizə birbaşa dəxli var. Referendumdan dərhal sonra Dağlıq Qarabağda Ermənistan tərəfindən qurulmuş dırnaqarası hökumətin bu referenduma münasibəti bildirildi. Dərhal Bərzaniyə bağlı televiziyalarda da bu münasibət bir neçə dəfə səsləndirildi. Üstəlik, bundan bir müddət keçəndən sonra yenə həmin televiziyalarda Azərbaycan ərazilərinə iddialar oldu, Naxçıvan ərazisi Kürdüstan ərazisi kimi göstərildi.
Biz belə məsələlərdə, təbii ki, susqunluq nümayiş etdirə bilmərik. Həm atılan addımlara görə, həm Azərbaycan ərazilərinə iddiaya görə, həm Kərkük türklərinin rəhbərlərinin Azərbaycan da daxil olmaqla bütün türk cümhuriyyətlərinin rəhbərlərinə müraciətinə görə, həm Türkiyə ilə müttəfiq olduğumuza və Türkiyə ərazilərinin, Türkiyənin siyasətinin təhdid altına düşdüyünə görə, həm də gördüyümüz kimi, Azərbaycanın özünə qarşı birmənalı şəkildə təhdidin başlanmasına görə bu məsələyə münasibətimizi bildirməliyik. Həmkarım Vahid müəllimin dediyi rus senatoruna da münasibət bildirim ki, o da bu məsələlərdən ruhlanaraq Dağlıq Qarabağla bağlı ifadələr işlədib. Hesab edirəm ki, biz həm bu məsələni, həm də Kataloniyada keçirilən referendumla bağlı məsələni ayrıca bir iclasda müzakirə etməliyik. Əgər gələcəkdə Dağlıq Qarabağ məsələsində dəstək almaq istəyiriksə, bu gün İspaniyanı, Türkiyəni müdafiə eləməliyik. Bu məsələlərdə ən azından Azərbaycanın adı keçdiyi üçün susqunluq nümayiş etdirmək mümkün deyil.
İkinci, hər il parlamentdə Dağlıq Qarabağla bağlı məsələnin gündəliyə salınmasını xahiş edirəm. Yenə də Dağlıq Qarabağla bağlı xüsusi bir dinləmənin keçirilməsini təklif edirəm. Hesab edirəm ki, indi şərtlər dəyişib və parlament olaraq bu məsələ ilə bağlı dinləmə keçirməyimiz, – lap qapalı olsa belə, – vacib hallardan biridir.
Üçüncü, avantürist layihələrlə büdcə talamaları, götürülmüş kreditlərlə bağlı burada dəfələrlə müzakirələr aparmışıq və bu məsələyə münasibət bildirilib. Amma bu məsələnin nə yerdə olması, o vəsaitin geri qaytarılması, büdcədən başqa vəsaitlərin oğurlanması ilə bağlı müzakirələrin aparılması üçün də xüsusi bir iclasın keçirilməsini vacib hesab edirəm. Bu iclasda Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin, eyni zamanda, Mərkəzi Bankın nümayəndələrinin deputatlara məlumat verməsi, məncə, məqsədəuyğun olardı. Mən bir daha işlərinizdə uğurlar arzu edirəm. Təşəkkür edirəm. 
Sədrlik edən. Çox sağ olun. Zahid Oruc.
Z.Oruc. Çox sağ olun. Cənab Sədr, hörmətli həmkarlar! Hər birinizə yeni sessiyada uğurlar arzulayıram. Cənab Sədr, bildiyiniz kimi, 2016-cı ilin noyabrında Avropa Birliyi tərəfindən bir akt qəbul olunub. Onlar üçüncü ölkələrin təbliğatına qarşı mübarizə aparmaq qərarına gəliblər. Bundan ötrü xüsusi vəsait ayırıblar və bir neçə informasiya vasitəsi təsis eləyiblər. Əsasən də onların hədəfi Russia Today və Sputnik şəbəkəsidir. Bunun özü sübut edir ki, soyuq müharibə bitməyib, yenə də informasiya məkanında açıq, amansız mübarizə gedir və gördüyümüz kimi, Azərbaycan da eyni hədəfdədir.
Azərbaycan əleyhinə, ölkəmiz əleyhinə olan televiziyalar  – Turan TV, “Azərbaycan saatı”, Meydan TV açıq-aşkar beynəlxalq dairələr tərəfindən maliyyələşdirilir. Azərbaycan əleyhinə olan qüvvələr təşkilatlandırılır. Müxalif camiyə ölkə daxilindən çıxarılıb sanki xaricə keçirilib. Onları təşkilatlandıran, konkret hədəfə istiqamətləndirən qüvvələr mövcuddur. Elə hesab edirəm ki, Azərbaycan xarici məkana çıxan televiziyaları o ölkələrdə yaratmalıdır. Burada bir daha söyləyirəm ki, Avropa Birliyinin mövcud aktları bizə o imkanı verir.
İkinci, bildiyiniz kimi, 90-cı illərdən bu yana Birləşmiş Ştatlar və NATO ölkələri region dövlətlərinə, o cümlədən Azərbaycana silah satışını qadağan eləyiblər. Bunun səbəbi, doğrusu, nə 907-ci düzəlişlə bağlıdır, nə də başqa aktlarla. Onu təyin eləmək çox çətindir. Hər il də Dövlət Departamenti məlum mövqeyini təkrarlayır. Gördüyümüz kimi, postsovet ölkələrindən Ukrayna Birləşmiş Ştatların və digər Qərb dövlətlərinin həm də silah, hərbi müttəfiqlik və digər bu xarakterdə tərəfdaşıdır. Sonuncu dəfə 500 milyon dollar dəyərində silah yardımı etdilər.
Mən Amerika Birləşmiş Ştatlarına müraciətin tərəfindəyəm. Azərbaycana Amerika Birləşmiş Ştatları tərəfindən niyə silah satılmır? Baxmayaraq ki, biz öz maraqlarımızı qorumaq üçün beynəlxalq məkanda kifayət qədər yaxşı dostlar, müttəfiqlər qazanmışıq, amma doğrusu, bu məsələnin  sırf siyasi tərəfi məni ilgiləndirməkdədir.
Başqa bir məsələyə, cənab Sədr, burada toxunuldu. Avropa Şurası ilə Azərbaycan münasibətləri 16 ildir ki, davam edir və mən ayrı-ayrı dövrlərdə yaşanan böhranlara toxunmaq istəmirəm. Son zamanlar bu qurumun rəhbərliyi tərəfindən çox aşağılayıcı davranışlar sezilməkdədir. Buna parlamentdə haqlı olaraq etirazlar səslənib. Amma mən hesab edirəm ki, ümumiyyətlə, ölkəmizə gələn avropalı komissarları keçmiş sovet komissarları kimi qəbul etməmək üçün cənab Prezidentin yanında siyasi və hüquqi bir komitə yaradılmasını təklif eləməliyik. Ora parlament üzvləri də daxil olmalıdır. Məhbuslar daxil hüquqi, siyasi islahatlar bu komitə ilə birgə həyata keçirilməlidir.
Qaldırmaq istədiyim dördüncü məsələ Aşura mərasimləri ilə bağlıdır. Ölkəmiz müstəqillik qazanandan sonra dini etiqad azadlığı bərqərar olunub. Hər kəs istədiyi dinə etiqad eləyir, öz inancı ilə yaşayır. Bu çox gözəldir. Dünən Bakıda, Azərbaycanın digər məkanlarında İmam Hüseyn şəhidliyini insanlar kədərlə, hüznlə, ağrı ilə qeyd edirdilər. Bunlar başa düşüləndir. Ancaq bu mərasimlər keçirilərkən mən özüm üçün paralellər aparmağa çalışıram. “İmam Hüseynin müsibəti”, “İsa Məsihin çarmıxı”. Bunlar din adamlarını da, qeyri-din adamlarını da düşündürməlidir. Xristian camiəsi dini mərasimləri zəncir vurmaqla, göz yaşlarını bu şəkildə ictimailəşdirməklə, onları balaca uşaqların həyat yaşantısına çevirməklə qeyd eləyirlərmi? Onlar bu cür mərasimləri keçirirlərmi? Biz hansı dövlətin modelini götürüb Aşura mərasimlərini bu şəkildə keçirməkdəyik? Mən bir daha söyləyirəm, məktəbi, kitabı, kitabxananı Aşura mərasiminin əleyhinə qoymuram. Onlar deyirlər ki, məscidə də kitabları yerləşdirmək mümkündür. Qoy olsun, ancaq məsciddən, cameədən dövlət idarə olunmaz.
Baxın, bir neçə gün öncə Suriyada dağıntıların altından tapılan iki yaşlı Həcəri, üç yaşlı Abdullanı gördük. Valideynləri cənnət axtarışı ilə onları xarabalığa aparıblar. Dünən hicaba və çarşaba bürünən və dinin mahiyyətini dərk eləməyən o uşaqları görəndə düşündüm ki, gələcəkdə Suriyaya göndərilən kamikadzelər yetişəcək. Ona görə də mərasimlərin bu formada keçirilməsinə etiraz edirəm. Əlbəttə ki, Avropa ölkələrindəki kimi bunu xüsusi qadağalar və inzibati qaydalarla tənzimləmək çətindir. Biz bunu təhsillə, maarifləndirməklə, hər birimizin çevrəsindəki insanları başa salmaqla etməliyik. Yalnız bu halda Azərbaycanı...
Sədrlik edən. Çox sağ olun. Mən Sizi yaxşı başa düşdüm, amma bir də təkrar edirəm ki, Azərbaycanda din dövlətdən ayrıdır. Heç bir məsciddən dövləti idarə eləmirlər. Buyurun, Tahir Rzayev.
T.Rzayev. Cənab Sədr, mən də parlamentin rəhbərliyini, bütün həmkarlarımı payız sessiyasının başlanması münasibəti ilə təbrik edir, qanunvericilik aktlarının hazırlanmasında hər birimizə uğurlar arzulayıram.
Hörmətli Sədr, ölkə rəhbərinin qayğısı və Sizin rəhbərliyiniz altında Milli Məclisin fəaliyyəti ildən-ilə genişlənir, deputatlarımızın fəallığı artır. Müzakirəyə çıxarılan qanun layihələri iqtisadiyyatımızın, mədəniyyətimizin, təhsilimizin, ümumiyyətlə, həyatımızın ən mühüm sahələrini əks etdirmək baxımından seçilir və bilavasitə ölkənin çevik, mükəmməl qanunlarla idarə olunmasına xidmət edir.
Milli Məclisin 2017-ci il payız sessiyasının gündəliyinə daxil edilən qanun layihələri də bunu deməyə əsas verir. Qanunvericilik işləri planında 4 Konstitusiya qanununun yer alması, Daxili qoşunlar haqqında, Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında, Kinematoqrafiya haqqında, Psixoloji yardım haqqında və digər mühüm qanun layihələrinin müzakirəyə çıxarılması payız sessiyasının gərgin və səmərəli keçəcəyini göstərir.
Ölkəmizdə kənd təsərrüfatının inkişafına, sənaye məhsullarının istehsalına diqqətin artdığı bir vaxtda Peşə təhsili haqqında qanun layihəsinin iş planına daxil edilməsi təqdirəlayiq haldır. Çünki bu gün istehsalın idarə olunması, iqtisadiyyatın səmərəli təşkili üçün bir çox peşələrin öyrənilməsinə ciddi ehtiyac vardır. Payız sessiyasının iş planına daxil edilən qanun layihələrinin hər biri aktualdır. Deputat həmkarlarıma gələcək müzakirələrdə uğurlar arzulayıram.
Mən də deputat həmkarlarımın burada söylədiyi fikirlərə tərəfdar çıxıram. Bir çox beynəlxalq təşkilatların Azərbaycana qarşı yürütdüyü ikili standartlara, məkrli siyasətə kəskin etirazımı bildirirəm, çünki bu bilavasitə Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun aşağılanmasına xidmət edir. Ona görə də biz – deputatlar bundan sonra da öz səylərimizi birləşdirməliyik. Düşmənlərimizin çirkin niyyətlərinin aradan qaldırılması üçün sözümüzü vaxtında və mükəmməl deməliyik. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Musa Quliyev buyursun.
M.Quliyev. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən də payız sessiyasının başlanması münasibəti ilə hər bir millət vəkilini ürəkdən təbrik edirəm, parlamentimizə uğurlar arzulayıram.
Milli Məclisin  payız sessiyasının qanunvericilik işləri planında nəzərdə tutulan qanun layihələri xalqımızın və dövlətimizin inkişafı üçün çox gərəklidir. Hesab edirəm ki, bu qanunların qəbul olunması dövlətçiliyimizin  möhkəmlənməsinə və xalqımızın sosial rifah halının yüksəlməsinə öz töhfəsini verəcəkdir. Mən işlər planında nəzərdə tutulan bütün qanun layihələrini bəyənirəm və onun lehinə səs verəcəyəm.
Eyni zamanda, bir neçə məsələ ilə bağlı təkliflərimi Milli Məclisin diqqətinə çatdırmaq istəyirəm. Birinci, hörmətli Oqtay müəllim, Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında qanun layihəsi iki oxunuşda qəbul olunubdur. Təklif edirəm ki, üçüncü oxunuşu mümkün qədər tez həyata keçirək və büdcə layihələrinin müzakirəsinə qədər onu qəbul edək ki, gələn ildən qüvvəyə minə bilsin.
Digər bir təklifim energetik içkilərin məhdudlaşdırılması və imkan daxilində qadağan edilməsi ilə bağlıdır. Bütün dünya kardioloqları energetik içkilərdən ölüm hallarının artması və insanların çox ağır xəstəliyə düçar olması barədə həyəcan təbili çalırlar. Çox təəssüf olsun ki, bu içkilər son illərdə Azərbaycanda çox geniş yayılıbdır. Gənclər, yeniyetmələr, hətta uşaqlar arasında bir buma çevrilibdir.
Bu içkilərin tərkibində kafein, taurin, bir qrup vitaminlər, qlükoza kimi stimullaşdırıcı maddələr vardır. Bunların həddindən artıq və dozalaşdırılmadan qəbul edilməsi qəfil ürək tutmalarına, ölümlərə səbəb olur. Bu içkilər yuxu, əsəb pozğunluğu, idarə olunmanın çətinləşməsi və sair problemlər yaradır. Bu səbəbdən Fransa, Norveç, Finlandiya kimi ölkələr artıq bu içkilərin satışını qadağan ediblər. Bir çox ölkələr isə bu içkiləri “18+” məhsulları sırasına daxil ediblər və 18 yaşına çatmayan şəxslərə bunların satışı qadağan edilibdir.
Ona görə təklif edirəm ki, müvafiq qanunvericiliyimizdə dəyişikliklər edilsin. Birinci, onlara aksiz vergiləri tətbiq olunsun ki, əlçatanlıq aşağı düşsün. Bu içkilərin üzərinə “18+” işarəsi yazılsın və 18 yaşına çatmayan uşaqlara satılması qadağan olunsun. Lisenziyalaşdırılmış mallar siyahısına daxil olunsun ki, yalnız lisenziya ilə müvafiq mağazalarda satılsın. Bir də, bu içkilərin reklamına qadağa qoyulsun. Məktəblərdə, ümumiyyətlə, təhsil müəssisələrinin yaxınlığındakı mağazalarda bunların satılmasına qadağa qoymaq lazımdır. Uşaq və gənclərin qəfil ölümləri artıb və Azərbaycan kardioloqları bu barədə həyəcan təbili çalmağı bizdən xahiş ediblər.
Növbəti təklifim mülki aviasiyanın uçuş-sınaq heyəti və onların pensiya və sığorta təminatı ilə bağlıdır. Biz son vaxtlarda mülki aviasiyanın uçuş-sınaq heyətinə daxil olan şəxslərin həm güzəştli şərtlərlə və vaxtından əvvəl pensiyaya çıxması, həm də onların sığortasının güzəştli olması barədə çox haqlı olaraq qanun qəbul etmişik. Amma bu qanun təyyarə bələdçilərinə şamil olunmayıbdır. Amma məlumdur ki, təyyarə bələdçilərinin də fəaliyyəti havada, çox yüksəklikdə keçir. Ona görə bu qanunun təyyarə bələdçilərinə də şamil olunmasını təklif edirəm.
Hörmətli Fazil Mustafa burada İstanbul konsulluğu ilə bağlı bir məsələ qaldırdı. O informasiya məndə də var idi. Araşdırdım, “yalnız bir notariusda təsdiq edirlər” informasiyası doğru deyil. Hörmətli Fazil müəllim konsulluqla da, bizim səfirliklə də əlaqə saxlaya, bu informasiyanı dəqiqləşdirə bilər. İşlər planına səs verəcəyəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Qənirə Paşayeva.
Q.Paşayeva. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də cənab Sədr, Siz başda olmaqla Milli Məclisin üzvlərini  payız sessiyasının başlanması münasibəti ilə təbrik edirəm və inanıram ki, çox məhsuldar bir sessiya olacaq. Qanunvericilik işləri planına da səs verəcəyəm. İşlər planında cəmiyyətimiz üçün çox vacib qanun layihələri var və təbii ki, biz bunların hamısını dəstəkləyirik.
Mən, eyni zamanda, bir neçə təkliflə çıxış etmək istəyirəm. Dünən axşam Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş və arzuolunmaz elan edilmiş şəxslərin siyahısına baxırdım. Bu “qara siyahı”da olan şəxslərin sayı artıq 694-ə çatıb. Lakin burada ən dəhşətli məqam ondan ibarətdir ki, siyahıda adı olan şəxslərin çoxu ATƏT-in Minsk Qrupunun üzvü və həmsədri olan ölkələrin vətəndaşlarıdır. Çoxu 5 ölkənin payına düşür. Bunlar Rusiya, Fransa, Amerika kimi həmsədr, Almaniya və İtaliya kimi üzv ölkələrdir. Bunların 160 nəfərdən çoxu, dörddə biri Rusiya vətəndaşıdır. 40 nəfər Fransa, 50 nəfərə yaxını Amerika, 60 nəfərdən çoxu Almaniya, 45 nəfərdən çoxu da İtaliya vətəndaşıdır. Yəni bu narahatlıq doğuran ciddi məqamdır və səfirlər bizi izləyirlər. Biz buradan bu ölkələrin səfirlərinə səslənərək deyirik ki, siz ATƏT-in Minsk Qrupunun həmsədrləri, üzvlərisiniz. Siz Qarabağ münaqişəsinin tənzimlənməsində obyektiv, ədalətli mövqe tutmalısınız. Amma çox təəssüf ki, Azərbaycanın ərazi bütövlüyünü, sərhəd toxunulmazlığını pozan, Azərbaycan dövlətinin işğal altında olan ərazilərinə Azərbaycan dövlətinin icazəsi olmadan gedən ən çox sizin vətəndaşlarınızdır. Bu ölkələrin ciddi tədbir görmələrinə ehtiyac var, çünki ora gedənlərin siyahısı ilə bağlı bu ölkələr deyə bilməzlər ki, onlar təsadüfən getmiş turistləridir.
Siyahıya baxdığımız zaman kimləri görürük? Məsələn, biz o siyahıda Amerikanın Ermənistandakı keçmiş səfirini, Fransanın millət vəkillərini, hətta nazir olmuş şəxsləri, Rusiyanın ictimai-siyasi xadimlərini görürük. Bu insanlar haraya getdiklərinin fərqində olan və fərqində olmalı olan şəxslərdir. Onların bir çoxu orada Azərbaycanın ərazi bütövlüyünün əleyhinə bəyanatlar verirlər.
Bəzi millət vəkilləri işğal olunmuş ərazilərə qanunsuz səfər edənlərlə bağlı daha sərt, daha ağır tədbirləri özündə əks etdirən qanun layihəsi hazırlamışdılar. Buna diqqəti artırmaq lazımdır, çünki son 5 ildə bu tendensiya daha da artıb, yəni say azalmır. Ona görə daha sərt tədbirləri özündə əks etdirən qanunun qəbul edilməsi çox vacibdir. Qardaş Türkiyədən də bir neçə şəxs bu addımları atıb. Biz orada rəsmilərlə görüşdə vurğuladıq ki, onlara qarşı ciddi addımlar atılmalıdır, çünki qardaş Türkiyə vətəndaşları tərəfindən bu addımın atılması daha xoşagəlməz bir vəziyyətdir. İnanırıq ki, o istiqamətdə daha ciddi tədbirlər görüləcək.
İkinci, burada həm Fazil müəllimin, həm Vahid müəllimin, həm də  Fərəc müəllimin İraqda, Kərkükdə baş verən proseslərlə bağlı qaldırdıqları təklifləri dəstəkləyirəm. Orada yaşayanlar bizim soydaşlarımızdır. Milli liderimiz demişdi ki, mən tarixi araşdıranda onların bizim bir parçamız olduğunu görmüşdüm. Kərkükdə yaşayan soydaşlarımız, onların təmsilçiləri bütün türk dövlətlərinə, türk toplumlarına müraciət edərək daha çox dəstək üçün çağırış ediblər. Azərbaycan hər zaman onların yanında olub. Düşünürəm, həm Azərbaycan–İraq parlamentlərarası dostluq qrupu çərçivəsində, həm beynəlxalq təşkilatlarda, həm də gücümüzün çatdığı hər yerdə orada yaşayan soydaşlarımıza bu dəstəyi göstərməliyik və bu istiqamətdə daha çox çalışmalıyıq. Mən inanıram ki, bu belə də olacaq. Həmkarlarımızın qaldırdığı o təhlükəli tendensiyaların qarşısının alınması da çox vacib məsələdir. Təkliflərini də dəstəkləyirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun, Qənirə xanım. Siz Dağlıq Qarabağa qanunsuz səfər edənlərdən danışdınız və Minsk Qrupu ölkələrinin adını çəkdiniz. Dərd onunla bitsə idi, yaxşı olardı.
ATƏT nə deməkdir? Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı. ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi cənab Vigenin bu günlərdə Bakıya səfər etmişdi. Bu səfəri zamanı dedi ki, mən yalnız parlament və ictimai təşkilatlarla görüşəcəyəm.
Etiraz etmədik, nümayəndədir, çıxış etsin. O, Azərbaycandan sonra Ermənistana səfər etdi. Cənubi Qafqaz üzrə xüsusi nümayəndənin dediyi sözlərin hamısı saxta oldu. Orada Ermənistanın rəhbərliyi və separatçı Dağlıq Qarabağ rejiminin nümayəndələri ilə görüşdü. “Dağlıq Qarabağın bayrağı” olan bir masada da oturdu. Yəni bu ikili standartlar artıq, həqiqətən, bizi yorub.
İndi Azərbaycan parlamentinin ATƏT PA-dakı nümayəndə heyəti tam tərkibdə Andorrada ATƏT-in iclasında iştirak edir. Azərbaycan parlament nümayəndə heyəti orada öz təkliflərini verəcək.
Bu cür qərəzli mövqe tutan insanların belə vəzifələrə təyin edilməsi ən azı səviyyəsizlikdir  və bu da həmin insanın səviyyəsini göstərir. Belə məsələyə biz çox rast gəlirik. Cənab Prezident Birləşmiş Millətlər Təşkilatının tribunasından da ikili standartlar barəsində dedi. Biz bunu görürük, bilirik. Burada təkliflər oldu ki, Minsk Qrupunun tərkibi böyüdülsün. Dedilər ki, bəli, biz də razıyıq. Burada bir, Ermənistanda və öz ölkələrində tamamilə başqa söz danışırlar. Bunlar faktdır. Buyursun Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli cənab Sədr. Doğrudan da, 2017-ci il payız sessiyasının qanunvericilik işləri planı çox əhəmiyyətlidir və Hüquq siyasəti və dövlət quruculuğu komitəsi tərəfindən də bir neçə vacib layihə, o cümlədən Konstitusiya qanunlarının layihələri sizin diqqətinizə təqdim olunacaq.
Eyni zamanda, cənab Sədr, bilirsiniz ki, işlər planında hər zaman qanunlara əlavə və dəyişikliklər edilməsi ilə bağlı da müddəalar olur. Bu yaxınlarda cənab Sədr, Sizin də dəstəyinizlə parlamentdə Cinayət Məcəlləsinə edilən əlavə və dəyişikliklər geniş müzakirə olundu. Hələ 2017-ci ilin fevral ayında cənab Prezident tərəfindən cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı sərəncam imzalanmışdı. Həmin sərəncama əsasən adı çəkilən qanun layihəsi hazırlanıb Milli Məclisə təqdim olunmuşdur.
Hörmətli həmkarlar, bu, çox ciddi bir layihədir və mən deyərdim ki, əfv, amnistiya qərarları qədər əhəmiyyətlidir. Çünki bu layihədə bütövlükdə iqtisadi fəaliyyət sahəsində olan cinayətlər, o cümlədən ehtiyatsızlıqdan törədilən bir çox cinayətlər dekriminallaşdırılır. Həmçinin ölkə Prezidentinin sərəncamında və sonrakı dövrdə həbs qətimkan tədbirləri ilə bağlı da bir sıra tövsiyələr verilmişdir. İctimai müzakirə zamanı belə bir məlumat diqqətə çatdırıldı ki, həbs qətimkan tədbirlərinin seçilməsi 30 faizə qədər azalmışdır. Bu çox ciddi bir sənəddir, ölkədə hüquq islahatlarının, cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı atılan addımdır.
Eyni zamanda, hörmətli həmkarlarımın söylədiyi kimi, qeyd etmək istəyirəm ki, bu, Azərbaycanın daxili siyasətidir, cənab Prezidentin həyata keçirdiyi siyasətdir. Bu siyasət davamlı həyata keçirilir və əslində, heç bir beynəlxalq təşkilatla, o cümlədən Avropa Şurası və digərləri ilə əməkdaşlıqdan irəli gəlmir. Ölkənin özünün daxili, hüquqi siyasətinin ayrılmaz tərkib hissəsidir. Odur ki, cənab Sədr, mən Sizdən xahiş edərdim ki, bu layihənin qısa zaman çərçivəsində parlamentə təqdim olunmasına dəstək verəsiniz. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Astan Şahverdiyev.
A.Şahverdiyev. Çox sağ olun, Oqtay müəllim. Mən də təqdim olunan qanunvericilik işləri planını bəyənirəm və əminəm ki, çox mühüm qanunlar qəbul olunacaq. Dövlət bayrağı haqqında, Dövlət gerbi haqqında, Dövlət himni haqqında qanun layihələri bu qəbildəndir. Bundan başqa, Ətraf mühitin təsirinin qiymətləndirilməsi haqqında qanun layihəsi də çox yerində olan bir sənəddir. Çünki bu gün dünyada “greenhouse effect” və qlobal istiləşmə kimi proseslər baş verir. Bu da bütün dünya ictimaiyyətini narahat edir. Belə bir qanun layihəsinin qəbul olunması çox vacibdir.
Mən Oqtay müəllim, bir məsələ ilə bağlı danışmaq istəyirəm. Azərbaycanda “Təhsil haqqında” qanun qəbul olunub. Həmin qanunda Azərbaycanda distant təhsil nəzərdə tutulub. Bu çox vacib məsələdir, çünki ölkəmiz artıq sənayeləşmənin yeni mərhələsinə qədəm qoyub. Burada peşə təhsili ilə bağlı qanun qəbul olundu. Həmin peşə də əsasən texniki işçilərdən ibarət olacaq və onların gələcəkdə təhsillərini davam etdirmələri üçün hökmən distant təhsil lazım gələcək.
Bu gün bütün Avropada distant təhsil geniş surətdə həyata keçirilir. Azərbaycanın 3, Rusiyanın 5, Çinin 1 və Avropanın 30 universitetinin birgə layihəsi var. Bu, Avropa Birliyi tərəfindən dəstəklənir. Həm maliyyə, həm də digər dəstək verilir. Orada tələblərdən biri budur ki, hökmən distant təhsil haqqında qanun qəbul olunmalıdır.
İsa müəllimin yadındadırsa, İtaliya Beynəlxalq Telematika Universitetinin iki aparıcı professoru Milli Məclisdə oldu. Oqtay müəllim, sağ olun ki, göstəriş verdiniz, İsa müəllim onları qəbul etdi. Onların Telematika Universiteti dünyanın ən böyük təhsil ocaqlarından biridir. Həmin universitetin özünün peyki var. Yəqin ki, bu payız sessiyasında alınmayacaq, amma yaz sessiyasında hökmən Distant təhsil haqqında qanun layihəsinin işlər planına daxil edilməsini xahiş edirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Aydın Mirzəzadə.
A.Mirzəzadə. Təşəkkür edirəm, cənab Sədr. İlk növbədə Sizi və bütün deputat həmkarlarımı parlamentin payız sessiyasının başlaması münasibəti ilə təbrik edirəm. Payız sessiyasının da əvvəlki sessiyalar kimi uğurlu olacağına və cəmiyyətin maraqlarına cavab verən, problemlərini həll edən qanunların qəbul ediləcəyinə inanıram. Bizə təklif edilən məsələlər toplusunu bəyənirəm və onların parlamentdə müzakirə üçün qəbul edilməsini mümkün sayıram.
Toxunmaq istədiyim iki məsələ var. Düzdür, həmkarlarım bu məsələlərə toxundular. Bununla belə, mən həmkarlarımın mövqeyini dəstəkləmək və bunun ümumilikdə Azərbaycan cəmiyyətinin mövqeyi olduğunu bir daha vurğulamaq istəyirəm. Bunlardan birini deputat həmkarım hörmətli Siyavuş Novruzov qaldırdı. Bu, Avropa Şurası rəhbərliyinin Azərbaycana qarşı son günlər apardığı kampaniya ilə bağlıdır. Artıq yeni bir termin yaranır; Azərbaycanafobiya. Çox təəssüf ki, Avropa Şurasının rəhbəri, ali çinovniki təşkilatla üzv dövlətlər arasında münasibətləri tənzimləmək əvəzinə təşkilatın statusundan istifadə edərək Azərbaycana qarşı kampaniyaya başlayıb. Belə bir təəssürat yaranır ki, Avropa Şurasının baş katibi cənab Yaqland artıq öz səlahiyyət çərçivəsini aşır. O, səlahiyyətinin nədən ibarət olduğu və nələr edə biləcəyi haqqında özünə hesabat vermir.
Azərbaycan Avropa Şurasına şüurlu surətdə qəbul olunub. Azərbaycan demokratiyanı, beynəlxalq hüququn üstünlüyünü dövlət quruculuğunda əsas prinsiplərdən hesab edir. Bu gün o, Avropa Şurası ilə  Azərbaycan arasında bir soyuqluq yaratmağa çalışır. Bəlkə də gözləyir ki, Azərbaycan ilk addımını atsın. Hesab edirəm ki, cənab Yaqlandın hərəkətləri Avropa Şurasının yüksək nüfuzuna xələl gətirir. Onun bu hərəkətinə Avropa Şurasının Parlament Assambleyası, Avropa Şurasının Nazirlər Kabineti qiymət verməlidir. Azərbaycan müstəqil dövlətdir, özünün daxili və xarici siyasətini özü müəyyənləşdirir və heç bir halda kimsə Azərbaycana qarşı kurator vəzifəsini yerinə yetirə bilməz. Hansı addımlar atmaq, nə etmək lazım gəldiyini Azərbaycan xalqı və onun seçdiyi hakimiyyət müəyyənləşdirə bilər.
Azərbaycandan beynəlxalq hüquq normalarına və Azərbaycan Konstitusiyasına zidd olan addımlar atmağı tələb etmək artıq siyasi və diplomatik etikanı kobud surətdə pozmaq deməkdir. Mən çox istərdim ki, cənab Yaqland və eləcə də digər cənab yaqlandlar Azərbaycanla münasibətlərində diplomatik etikanı pozmasınlar, Azərbaycanın dövlət müstəqilliyinə hörmətlə yanaşsınlar və bilsinlər ki, Azərbaycanı hədələməklə, Azərbaycana qarşı qeyri-qanuni addımlar atmaqla heç bir şeyə nail ola bilməyəcəklər. Eyni zamanda, Azərbaycanı demokratiya və insan hüquqlarını qorumaq yolundan da heç vaxt çəkindirə bilməyəcəklər.
İkinci demək istədiyim məsələni də hörmətli deputat həmkarım Qənirə Paşayeva qaldırdı. Mən bir daha onun mövqeyini müdafiə edirəm və bildirmək istəyirəm ki, Azərbaycan ərazilərinə qeyri-qanuni daxil olan şəxslərə qarşı öz prinsipial mövqeyimizi bundan sonra da qətiyyətlə göstərməliyik. Çox təəssüf ki, Azərbaycanın işğal olunmuş ərazilərinə daxil olanların içərisində ATƏT-in Minsk qrupunun üzv və həmsədr ölkələrinin vətəndaşları çoxluq təşkil edir. Mən çox istərdim ki, Xarici İşlər Nazirliyimiz həmin ölkələrin hakimiyyət orqanlarına, onların səfirlərinə bu məsələnin yolverilməzliyi barəsində tələb irəli sürsün. Bunlar üçün bir xəbərdarlıq olmalıdır ki, onları da Rusiya, Belarus və İsrail vətəndaşı olan Aleksandr Lapşının taleyi gözləyir.
Bu günlərdə Türkiyənin 4 vətəndaşı Azərbaycanın işğal olunmuş ərazisinə daxil olaraq Azərbaycan əleyhinə bəyanatlar səsləndirdilər. Mövqelərini özləri bilər, amma ərazimizə qeyri-qanuni daxil olublar. Türkiyə dövlətindən həmin 4 vətəndaşın Azərbaycanın hüquq mühafizə orqanlarına təhvil verilməsinə və ərazimizə qeyri-qanuni daxil olduqlarına görə Aleksandr Lapşın kimi onların da üzərində məhkəmə qurulması üçün Azərbaycana dəstək olmasını xahiş edirəm. Təşəkkür edirəm.  
Sədrlik edən. Sağ olun. Jalə Əliyeva.
J.Əliyeva. Təşəkkür edirəm, Oqtay müəllim.  Çox gözəl qeyd etdiniz, parlamentimiz ötən sessiya ərzində, həqiqətən, çox səmərəli işləyib. Ölkə həyatı üçün çox əhəmiyyətli olan qanun layihələri müzakirə və qəbul edilib. Yay tətili dövründə deputatlarımız beynəlxalq təşkilatlarda da ölkəmizi layiqincə təmsil ediblər, bu və ya digər məsələlərlə bağlı ölkəmizin mövqeyini dünya parlamentarilərinə çatdırıblar.
Yeri gəlmişkən, üzvü olduğum Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının bu ilin iyul ayında Türkiyədə keçirilən növbəti sessiyasında nümayəndə heyətimiz Dağlıq Qarabağ həqiqətlərini, xüsusilə həmin günlərdə baş verən çox ağrılı bir hadisəni, balaca Zəhranın Ermənistan ordusu tərəfindən öldürülməsi faktını üzv ölkələrin parlamentarilərinin diqqətinə çatdırmışdır. Eyni zamanda, deputatlarımız seçildikləri bölgələrdə də aktiv görüşlər keçirib, seçiciləri qəbul ediblər.
Mən bir faktı diqqətinizə çatdırmaq istəyirəm. Yəqin bu deyəcəklərimi hər bir deputat həmkarım qəbul edər. Bu ondan ibarətdir ki, 10–15 il bundan əvvəllə müqayisədə bizə daxil olan məktubların, müraciətlərin sayı böyük ölçüdə azalmışdır. Əgər əvvəllər seçicilər bizdən su, yol, qaz, işıq, məktəb, bağça istəyirdilərsə, yəni qlobal xarakterli məsələlərlə müraciət edirdilərsə, bu gün bu problemlərlə bağlı müraciətlər demək olar ki, yoxdur. Bu da əlbəttə ki, ölkədə həyata keçirilən nəhəng struktur layihələri, böyük quruculuq işləri ilə bağlıdır. Bu həm də cənab Prezidentin insan amilinə verdiyi böyük qiymətlə və hər bir vətəndaşa yaxşı Prezident olmaq bacarığı ilə bağlıdır. Vətəndaşlarımız görülən bütün işlər, atılan bütün quruculuq addımları üçün, əlbəttə ki, birinci növbədə dövlətimizə minnətdardırlar.
Mən ötən il ölkədə sosial evlərin tikilməsi ilə bağlı verilən qərara xüsusi olaraq toxunmaq istəyirəm. Bu məsələ son dövrlərdə parlamentimizin də diqqət mərkəzində idi. Cənab Prezident tərəfindən belə böyük miqyaslı humanizm aktının həyata keçirilməsi üçün verilən qərar, əlbəttə ki, misilsiz bir sənəddir. Dünya yaranandan bəri hər bir canlı yuva qurmağa, kimliyindən asılı olmayaraq ev sahibi olmağa çalışır. Xüsusilə aztəminatlı ailələrə bu imkanın verilməsi, onlara belə bir şəraitin yaradılması ən böyük alqışa layiqdir.
Bu ilin yay mövsümünü əlamətdar edən hadisələrdən biri də jurnalistlərə  mənzillərin paylanması oldu. Dünyada mənə ikinci bir ölkə göstərin ki, dövləti öz jurnalistləri üçün ard-arda binalar tiksin və onları gözəl mənzillərlə təmin etsin. Üstəlik, evləri təmir də edir, jurnalistlərin istifadəsinə verir. Bir daha qeyd etmək istəyirəm ki, bütün bu sadalananlar humanizmin, insanpərvərliyin nümunəsidir. Mən fürsətdən istifadə edərək bu görülən işlər üçün seçicilərimin adından cənab Prezidentə təşəkkür etmək istəyirəm. Dəyərli həmkarlarıma isə uğurlar arzulayıram. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Musa Qasımlı.
M.Qasımlı. Sağ olun, hörmətli Oqtay müəllim. Hörmətli cənab Sədr, hörmətli deputatlar! Parlamentin payız sessiyasının işinə uğurlar arzu edirəm, ümid edirəm və inanıram ki, əvvəlkilər kimi, payız sessiyasında da Milli Məclis cənab Prezidentimizin rəhbərliyi altında ölkəmizdə aparılan islahatlara və dövlət quruculuğu işinə öz töhfəsini verəcək. Təqdim edilən qanunvericilik işləri planı həmin məqsədə xidmət etdiyindən layihəyə səs verəcəyəm.
Çox hörmətli Oqtay müəllim,  bir  neçə məsələni vacib saydığım üçün diqqətinizə çatdırmağı lazım bilirəm. Birinci, hamı yaxşı bilir ki, ölkəmizdə məhkəmələr və hakimlər azaddır. Kimsə onların işinə müdaxilə edə bilmir. Ancaq bəzi məhkəmə proseslərinin lüzumlu, bəzən də lüzumsuz yerə uzadılması, bəzi orqanların əməkdaşlarının tez-tez məhkəmə  proseslərinə yerli və yersiz çağırılması, məhkəmə proseslərinin şouya çevrilməsi həmin orqanların fəaliyyətinə mənfi təsir edir və işinin təməl prinsiplərinə ziyan vurur. Ona görə də məhkəmələrlə bağlı qanunlarda müvafiq təkmilləşdirmələrin aparılması fayda verməzdimi?
İkinci, bilirsiniz ki, ölkəmizdə kütləvi informasiya vasitələri – həm elektron, həm də yazılı KİV-lər azaddır, senzura yoxdur. Tam demokratiyadır, jurnalistə bunu yaz, onu yazma deyən, hökm edən yoxdur. Lakin son vaxtlar rast gəldiyimiz bəzi halların bütövlükdə kütləvi informasiya vasitələri ilə bağlı qanunların təkmilləşdirilməsini zəruri etdiyi qənaətindəyəm. Bu bizim ümumxalq, ümumdövlət  maraqlarımıza uyğun olardı.
Üçüncü toxunacağım məsələ budur ki, hörmətli Oqtay müəllim, ölkəmizdə bir neçə on illər əvvəl toponimlərin bəziləri dəyişdirilib, yerli, aborigen xarakterini itirib. Bunlar nə üçün edilib, mən onu bilmirəm. Çoxlu misallar gətirə bilərəm. Hətta burada dəfələrlə cəhdlər olub və hörmətli cənab Sədrimiz onun qarşısını alıb, geri qaytarıb. Hesab edirəm ki, bizim fəaliyyət istiqamətlərimizdən biri  bu məsələlərə qayıtmaq və onları tənzimləməkdən ibarət olmalıdır. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Xanhüseyn Kazımlı.
X.Kazımlı. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli həmkarlarım!  Mən də payız sessiyasının başlaması münasibəti ilə rəhbərliyi və həmkarlarımı təbrik edirəm. Bizə təqdim olunmuş işlər  planının məqsədəuyğun olmasını təsdiqləyirəm. Əlbəttə, burada bütün məsələləri əhatə etmək mümkün deyildir. Ona görə də cənab Sədr, mən  çıxışlarımıza görə Sizin iradlarınızla da razılaşıram. Hesab edirəm ki, bu, gələcəkdə də məqsədəuyğun olacaqdır.
Burada beynəlxalq təşkilatların diplomatik cəhətdən qeyri-peşəkarlığı və yaxud da hadisələrə ikili standartlardan yanaşmaları qeyd olundu. Bu barədə cənab Prezident hələ ən mötəbər bir məclisdə öz fikirlərini söyləmişdir. Biz bunun dəfələrlə şahidi oluruq ki, beynəlxalq təşkilatların rəhbərləri bizim Milli Məclisdə və yaxud da siyasi partiyalar qarşısında bir söz, İrəvanda ermənilər qarşısında başqa söz söyləyirlər. Biz bunun şahidiyik.
İstər strateji yol xəritəsi, istərsə də büdcə layihəsi müzakirə edilərkən biz qiymətləndirmə fəaliyyəti barədə deyilən iradlarla razı olmaqla bəzi fikirlərimizi söyləmişik. Komitənin iclasında da bunu aydınlıq gətirmişik. Demişik ki,  bir çox qanunların, eyni zamanda, Tənzimlənən qiymətlər haqqında qanun layihəsinin  bura daxil edilməsi məqsədəuyğun olardı. Mən təkrar edirəm, strateji yol xəritəsi və ümumiyyətlə, büdcə layihəsinin müzakirəsi bunu tələb edir. Ona görə də mən sizdən xahiş edirəm, gələcəkdə bunu nəzərə alasınız. Çox sağ olun, təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Çingiz Qənizadə.
Ç.Qənizadə. Təşəkkür edirəm, hörmətli Sədr. Son günlərdə bəzi beynəlxalq təşkilatların rəhbərləri və ölkəmizə səfər edən digər şəxslər tərəfindən Azərbaycana qarşı yanaşmanın qeyri-obyektiv olması, qeyd etdiyiniz kimi, onların ikili standartlar mövqeyindən çıxış etməsi qeyri-hökumət təşkilatının nümayəndəsi kimi, təbii ki, məni də narahat edir. Çox vaxt qeyd olunur ki, bu informasiyaların mənbəyi həm də Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarıdır. Belə məlumatlar var və həqiqətə uyğundur.
Amma biləsiniz ki, qeyri-hökumət təşkilatlarının böyük əksəriyyəti həm Avropa Şurasına, həm də digər beynəlxalq təşkilatlara Azərbaycan həqiqətlərini çatdırırlar və çatdırmaqda davam edirlər. Bəzi təşkilatlar isə bu həqiqətləri başqa cür görür və başqa cür çatdırırlar. Avropa Şurasının və digər təşkilatların rəsmiləri bu azlıqda olan təşkilatların verdiyi informasiyalara ona görə üstünlük verirlər ki, sadəcə, Azərbaycana bağlı münasibətlərini dəyişə və həqiqətləri görə bilmirlər. Ölkəmizdəki inkişafı və əhalinin real vəziyyətini görmək istəmirlər. Təbii ki, bu basqılar olub və olacaq.
Amma mən məsələni qeyd edim. Biz etirazımızı bildirmişik ki, Avropa Şurası da daxil olmaqla digər təşkilatlar məsələnin həllini ultimativ və bəyanatlarla həll etməklə problemi daha da dərinləşdirirlər. Hansısa bir məsələdə problemin həllinə dəstək ola bilmirlər. Bu ancaq dialoq yoludur. Belə hesab edirəm ki, belə təşkilatlarla iş aparmaqla məhz dialoqa üstünlük verilməsinə çalışmaq lazımdır.
Mən xatırlayıram ki, məhbus problemləri ilə bağlı işçi qrupunun fəaliyyəti məhz Avropa Şurası tərəfindən əsassız olaraq Ştrasserin Azərbaycan üzrə məruzəçi təyin edilməsi ilə dayanmışdı. Amma  sonra Yaqlandın cənab Prezidentdən xahişi nəticəsində bu qurum fəaliyyətini bərpa etdi və biz neçə-neçə məsələni həll edib müsbət nəticə əldə edə bildik. Ona görə də mütləq dialoq yolu ilə, bəyanatlardan kənar  yolla bu məsələləri həll etmək lazımdır.
Biz təbii ki, beynəlxalq təşkilatların rəhbərlərinin belə çıxışlarını qətiyyətlə pisləyirik. Amma qeyd edim ki, bu gün möhtərəm Prezidentimiz havanın xoşagəlməyən bir məqamında Qobustanda və Şamaxıda müəyyən açılışlar edib, əhalinin yanındadır, insanlarla təmasdadır. Təbii ki, xalq bunu olduqca müsbət dəyərləndirir. Mən ikinci bir Prezident tanımıram ki, regionlara bu qədər səfər etsin, insanlarla bu qədər təmasda olsun və bu qədər xalqın sevgisini,  məhəbbətini qazanmış olsun. Hətta bu yaxınlarda müsahibələrimin birində qeyd etdim ki, möhtərəm Prezidentin ötən seçkilərdə heç vəkillərə ehtiyacı olmadı, onun vəkili Azərbaycan xalqı idi. Biz millət vəkili kimi regionlara səfər edirik. Bəzən müəyyən narazılıqlar doğuran məqamları, Oqtay müəllim, Sizdən həm də ölkə rəhbərliyinə çatdırmağı xahiş edirlər. Mən belə hesab edirəm ki, biz bu məlumatları çatdırmaqla elə cənab Prezidentə kömək etmiş oluruq.
Birincisi, Vahid müəllim, bayaq banklardakı problemləri qeyd etdi, təbii ki, narahatlıqlar var, faiz dərəcələri mütləq aşağı salınmalıdır. Amma mən son vaxtlar rayonlarda çoxlu sayda görüş keçirdim və bu həftə də planlaşdırmışam. Mənə bir sual verirlər. Niyə ölkəmizdə istehsal olunan malların qiyməti bəzən xaricdən gətirilən malların qiymətindən bahadır? Mən bu suala cavab tapa bilmirəm.
Xüsusilə iki gün öncə çoxsaylı insanlarla görüş zamanı mənə bir sual verildi: Çingiz müəllim, 8 aydır, ölkədə valyutanın qiyməti dəyişməz olub. Əslində manatın dəyəri 4 faiz möhkəmlənib. Onda nəyə görə yağın 1 kiloqramının qiyməti 18 manata çatıb? Axı, aztəminatlı ailələr bundan yararlana bilmirlər, əziyyət çəkirlər.
Doğrudan da, əgər 7–8 ay əvvəl yağın kiloqramı 10–12 manat idisə, indi artıq 18 manata çatıb. Dünən mağazaya girdim və bəzi yağların qiymətinin, doğrudan da, 18 manat olduğunun şahidi oldum. Bu problemdir. İnsanları sıxmaq olmaz. Kimsə pul qazanmaq istəyirsə, bunu normal, halal yolla etsin, insanları narazı salmaq lazım deyil. 
Eyni zamanda, ətin qiyməti qalxıb. Mən İqtisadiyyat Nazirliyinə, Nazirlər Kabinetinin müvafiq qurumlarına müraciət edirəm ki, axı bizdə antiinhisar dövlət xidməti qurumu var. Bu qiymətlərə nəzarət eləsin, bu qiymətlər tənzimlənsin. Biz dərmanlarla bağlı cənab Prezidentin qarşıya qoyduğu tənzimlənmə prosesinin insanlarda nə qədər sevinc doğurduğunun şahidi olduq. Möhtərəm Prezidentə nə qədər dualar edirlər. Mən çox istərdim ki, bu məsələ də tənzimlənsin və müvafiq qurumlar bunu nəzərə alsın. Sağ olun.
Sədrlik edən. Çingiz müəllim, qiyməti qaldıran sahibkarlar da  başqa ölkələrdən gəliblər? Onlar da bizim vətəndaşlarımızdır, amma deməyiniz yaxşı oldu.  Elman Məmmədov.
E.Məmmədov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli deputat həmkarlarım, hörmətli media nümayəndələri! 1992-ci ilin oktyabr ayının 2-də Xocavənd rayonu ermənilər tərəfindən işğal olunubdur. Yəni bu gün Xocavəndin işğalı günüdür.
Xocavənd rayonunun müdafiəsində xocavəndlilər 145 şəhid veriblər. Bunlardan 13-ü qadın, 13-ü kiçik yaşlı uşaq olub. 243 uşaq valideynlərdən birini, bir ailənin 3 uşağı isə hər iki valideynini itirib.  Xocavənd bu gün də işğal altındadır. Mən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm və arzu edirəm ki, gün o gün olsun, biz işğal günlərimizi işğaldan azad olunma günləri ilə əvəz edək, qələbəmizi qeyd edək. Deyək ki, bu gün Xocavəndin işğaldan azad olmasının 1 illiyini qeyd edirik və sair. O biri rayonlarımıza da bunu arzu edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Gündəliyin 1-ci məsələsini düz 1 saat 15 dəqiqədir müzakirə edirik. Gündəlikdə 34 məsələ var. Xahiş edirəm, o biri məsələlərdə bir az konkret olaq. Xahiş edirəm, gündəliyin 1-ci məsələsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.33 dəq.)
Lehinə 108
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 108
Nəticə: Qəbul edildi

Çox sağ olun, parlamentin qanunvericilik işləri planı qəbul edildi.
Gündəliyin 2-ci məsələsi Xəqani Sərxan oğlu Abdullayevin Azərbaycan Mərkəzi Bankının idarə heyəti üzvlüyündən  azad edilməsi haqqındadır. Buyursun Ziyad Səmədzadə.
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Xəqani Sərxan oğlu Abdullayev uzun müddət Azərbaycan Mərkəzi Bankının idarə heyəti üzvü vəzifəsində çalışıb. Çox savadlı, çox məhsuldar iqtisadçı alimdir. İndi başqa vəzifəyə getməsi ilə əlaqədar olaraq müraciət edib.
Məlumat üçün bildirim ki, o istəmirdi ki, bu vəzifədən getsin. Ancaq müəyyən obyektiv səbəblərə görə, başqa respublikaya köçməsi ilə əlaqədar olaraq cənab Prezident onun haqqında artıq sərəncam verib. Millət vəkillərindən xahiş edərdim ki, bu məsələyə müsbət münasibət bildirsinlər. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.35 dəq.)
Lehinə 107
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 108
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Hörmətli millət vəkilləri, gündəlikdəki 3–18-ci məsələlər sazişlər, sazişlərə əlavələr, memorandum və bəyanatlardır. Xahiş edirəm, bu qanun layihələrini müzakirə edəndə konkret çıxışlar edək.
Gündəliyin 3-cü məsələsi “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Şah/Şam/BDD (Sualtı Hücum/Sualtı müdafiə/Birinci Dərəcəli Dalğıc) birgə təlim müddətində Ev Sahibi Ölkə dəstəyinin şərtlərinə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsidir. Buyursun Ziyafət Əsgərov.
Z.Əsgərov, Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bilirsiniz ki, biz Türkiyə ilə onlarca müqavilələr imzalamışıq. Onların arasında, sözsüz ki, hərbi əməkdaşlıq haqqında müqavilələr də var. Elə bu hərbi əməkdaşlıq müqaviləsi çərçivəsində bu yaxınlarda çox böyük müvəffəqiyyətlə başa çatan “TurAz qartalı – 2017” birgə taktiki təlim uçuşlarını qeyd eləmək istəyirəm. Türkiyə ilə Azərbaycan arasında bizim razılaşmamıza görə vaxtaşırı bu cür təlimlər keçirilir.
Sizin müzakirənizə təqdim olunmuş qanun layihəsi də bu qəbildən olan hərbi sənədlərdəndir, memorandumdur. Bu qanun layihəsi sizə paylanılıbdır. Mən detallara varmaq istəmirəm. Burada qanunun məqsədi, əhatə dairəsi, tərəflərin üzərinə düşən öhdəliklər və xırda detallar öz əksini tapıbdır. Mən hesab edirəm ki, bu memorandum həm Türkiyənin, həm də Azərbaycanın milli maraqlarına cavab verir. Xahiş edirəm bu qanun layihəsinə müsbət münasibət bildirəsiniz. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.37 dəq.)
Lehinə 110
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 110
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti 4-cü məsələ “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Əfqanıstan İslam Respublikasının Müdafiə Nazirliyi arasında Əfqanıstan İslam Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almaları haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsidir. Buyursun Ziyafət Əsgərov.
Z.Əsgərov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bildiyiniz kimi, Azərbaycan Silahlı Qüvvələrinin bir tağımı hazırda Əfqanıstanda Kabil aeroportunda Türkiyənin rəhbərliyi ilə NATO qüvvələri sırasında xidmət keçir. Azərbaycanla Əfqanıstan arasında belə bir sazişin bağlanması, sözsüz ki, Əfqanıstan və Azərbaycan arasında olan münasibətlərin daha da dərinləşməsi ilə bağlıdır. Ümumiyyətlə, Azərbaycan Əfqanıstanda həm sülh yaratma prosesində, həm də Əfqanıstanın mülki həyatında – insanların mülki həyata öyrədilməsi məsələlərində çox yaxından iştirak edir. Eyni zamanda, bizim xüsusi təyinatlı hərbi məktəblərimizdə əfqan tələbələri təhsil alırlar. Yeri gəlmişkən, deyim ki, onlar Azərbaycanın büdcəsi hesabına təhsil alırlar.
Bu sazişdə əfqan hərbi qulluqçularının Azərbaycanın xüsusi təyinatlı hərbi məktəblərində oxuması, təhsilin şərtləri, qanunun məqsədi, əhatə dairəsi öz əksini tapıb. Mən hesab edirəm ki, qanun layihəsi bizim maraqlarımıza cavab verir. Ümumiyyətlə, Azərbaycan bu günə qədər Əfqanıstana bir milyon dollar çərçivəsində hərbi yardım göstərib və bundan sonra da bu yardımlar davam edəcək. Hesab edirik ki, Əfqanıstanın mülki həyatının yenidən qurulması üçün Azərbaycan çox böyük töhfələr verib və hərbi mütəxəssislərin hazırlanmasında da əlindən gələni edir. Ona görə də bu qanun layihəsinə müsbət münasibət bildirməyinizi xahiş edirəm.  Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.40 dəq.)
Lehinə 109
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 110
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
6-cı məsələ “Azərbaycan Respublikası Prezidenti İ.H.Əliyevin və Qazaxıstan Respublikası Prezidenti N.A.Nazarbayevin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında”dır. Buyursun Səməd Seyidov.
S.Seyidov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri.
Çox sağ olun, Oqtay müəllim. Hörmətli millət vəkilləri, mən də həmkarlarımın fikirlərinə qoşuluraq Azərbaycan Respublikası Milli Məclisinin 5-ci çağırış 8-ci sessiyasının  1-ci iclasını təbrik edirəm, uğurlar arzulayıram. Bugünkü gündəlik özü əyani şəkildə göstərir ki, bizim beynəlxalq əlaqələrimiz nə dərəcədə inkişaf edir. Diqqətinizə təqdim olunan Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Əliyevin və Qazaxıstan Respublikası Prezidenti Nursultan Nazarbayevin Bakıda imzalanmış Birgə Bəyannaməsi bu qəbildəndir. Siz diqqətlə sənədə baxsanız, görərsiniz ki, strateji əməkdaşlıq edən iki qardaş ölkə arasında münasibətlər yeni bir mərhələyə qalxır. Beynəlxalq səviyyədə bir-birini dəstəkləyən, terrora qarşı birgə fəaliyyəti həyata keçirən – bütün sahələrdə Azərbaycan–Qazaxıstan münasibətlərinin inkişafına xidmət edən bir sənəd sizin diqqətinizə təqdim olunub. Sizdən xahiş edirik ki, bu sənədə öz müsbət münasibətinizi bildirəsiniz. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.42 dəq.)
Lehinə 107
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 107
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ilə İran İslam Respublikasının İqtisadi Məsələlər və Maliyyə Nazirliyi yanında Maliyyə Monitorinqi İdarəsi arasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində əməkdaşlığa dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqındadır. Buyursun Ziyafət Əsgərov.
Z.Əsgərov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bu memorandum da, həqiqətən, həm bizim üçün, həm də İran İslam Respublikası üçün olduqca vacib bir sənəddir. Biz bu qəbildən olan xeyli sayda qanun qəbul eləmişik və terrorçuluğun maliyyələşdirilməsinə, eyni zamanda, çirkli pulların yuyulmasına qarşı mübarizə ilə bağlı beynəlxalq sazişlərə qoşulmuşuq. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ilə İran İslam Respublikasının İqtisadi Məsələlər və Maliyyə Nazirliyi yanında Maliyyə Monitorinqi İdarəsi arasında belə bir sənədin imzalanması, hesab edirəm ki, hər iki dövlətin maraqlarına cavab verir. Çünki regionda bu iki dövlət arasında həm çirkli pulların əldə edilməsinə, həm də terrorçuluğa qarşı mübarizə olduqca vacib bir məsələdir. Bizim milli maraqlarımıza cavab verdiyinə görə bu məsələyə müsbət səs verməyinizi xahiş edirəm. Sağ olun.
Sədrlik edən. Tahir Kərimli buyursun.
T.Kərimli. Təşəkkür edirəm, hörmətli Sədr. 3-cü maddəyə diqqət yönəltmək istərdim. 3.1-ci maddədə yazılır ki, məlumat sorğu ədalət mühakiməsi məqsədləri üçün istifadə edilməməlidir. Amma arxasınca qeyd olunur ki, istintaq aparmaq səlahiyyətlərinə malik orqanlara verilə bilər. Biz də bilirik ki, məhkəmədə məhkəmə istintaqı aparılır. Daha sonra yazılır ki, ədalət mühakiməsi proseslərində sübut kimi istifadə edə bilməz və məlumat yalnız təhlil məqsədi ilə istifadə üçün nəzərdə tutulur. Olsun təhlil üçün. Hər bir halda yuxarıda yazılır ki, məlumat sorğu əsasında istifadə edilməməlidir. Sonra qeyd edilib ki, istintaq orqanına verilə bilər. Mənə elə gəlir ki, burada ziddiyyətlər var, bunu düzəltmək lazımdır.
Sonra, 5-ci maddə ilə bağlı deyim. Nə üçün bizim aramızda rəsmi dil ingilis dilində olmalıdır? Mən hesab edirəm ki, arxada qeyd olunduğu kimi, Azərbaycan və fars dillərində də məlumat mübadiləsi aparıla bilər və müvafiq təhlükəsizlik kanalı vasitəsi ilə həyata keçirilə bilər.
Ən mühüm saydığım məsələ isə 6.1.1-ci maddə ilə bağlıdır. Burada yazılıb ki, belə məlumatın təqdim edilməsinin sorğu edilən tərəfin dövlətinin suverenliyinə, təhlükəsizliyinə, milli və ya digər mühüm maraqlarına ziyan vuracağı güman edildiyində. Gördüyünüz kimi, tərəfin dövlətinin suverenliyi, təhlükəsizliyi, milli marağı açıqdan-açığa göstərilir. Amma “digər mühüm maraq” sözləri burada sui-istifadəyə imkan verir. İmkan verir ki, istənilən halda məlumatı verməkdən imtina eləsin və bu sazişin şərtləri yerinə yetirilməsin. Ona görə də xahiş edirəm, nəzərə alasınız. Sağ olun.
Sədrlik edən. Buyurun, Ziyafət Əsgərov.
Z.Əsgərov. Sağ olun, cənab Sədr. Tahir müəllim, əvvəla, qaldırdığınız birinci məsələdə mən heç bir ziddiyyət görmürəm. Əlbəttə, bu və ya digər məsələ ilə bağlı tərəflər arasında istintaq aparıla bilər. Bu razılaşma ondan ibarətdir ki, məsələlər hər iki dövlətin qanunvericiliyinə uyğun tənzimlənsin. Burada heç bir tərəfin üstünlüyü nəzərə çarpa bilməz. Bu, bərabər səviyyədə həll olunmuş məsələdir.
Dil məsələsi ilə bağlı deyim. Bu, birinci dəfə deyil, biz bu qəbildən olan çoxlu saziş qəbul eləmişik. Elə hallar olur ki, məsələnin həm fars, həm də Azərbaycan dilində izahı o mənanı vermir və biz istər-istəməz ingilis dilinə müraciət edirik. İngilis dilini də ona görə qeyd etmişik ki, o, beynəlxalq dildir, Birləşmiş Millətlər Təşkilatının rəsmi dilidir. İngilis dili burada vəziyyətdən çıxış yolu kimi yazılıb. Əgər biz Azərbaycan və fars dillərində hər hansı bir məsələnin şərhində razılığa gələ bilmiriksə, onda bunun ingilis variantına müraciət edirik. İngilis dilində də hamı bilir ki, bu sözün mənası nədir, nədən ibarətdir?
6-cı maddənin adına baxın: “Məlumatın verilməsindən imtina edilməsi”. Belə məlumatın Azərbaycanın və İranın suverenliyinə, təhlükəsizliyinə, milli və digər mühüm maraqlarına ziyan vuracağı güman edildiyi halda belə məlumat verilmir.
“Suverenlik və təhlükəsizlik” aydındır. “Milli və digər maraqları” biz əvvəlcədən görə bilmirik. Yəni praktikada ortaya çıxa bilər ki, doğrudan da, bu məsələni eləsək, bizim maraqlarımıza zidd olacaq. Onda biz bu məlumatı vermirik, eləcə də İran vermir. Yəni bu, bərabər səviyyədə həll olunan məsələlərdir, bundan narahat olmağa dəyməz. Təşəkkür edirəm, sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.48 dəq.)
Lehinə 107
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 108
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsidir. Buyursun Eldar İbrahimov.
E.İbrahimov, Milli Məclisin  Aqrar siyasət komitəsinin sədri.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli deputat həmkarlarım! Bu ilin aprel ayında “Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında” Saziş imzalanmışdır. Bildiyiniz kimi, dünyada insan sağlamlığı üçün vacib olan təbii və təhlükəsiz qida məhsullarının əldə edilməsinə, bitki və heyvanların sağlam olmasına, ətraf mühitin qorunmasına çox fikir verilir.
Bununla yanaşı, kənd təsərrüfatı və ərzaq məhsullarının ölkələr arası daşınmasının aktivləşməsi bitki və heyvan xəstəliklərinin yayılması riskini artırır. Odur ki, təqdim olunan sazişin təsdiq edilməsi vacib və əhəmiyyətlidir. Onun qəbul edilməsi bitki karantini və mühafizəsi sahəsində beynəlxalq əməkdaşlıq və zərərli orqanizmlərə qarşı mübarizə, onların ölkəmizin ərazisinə daxil olmasının və yayılmasının qarşısının alınması baxımından faydalıdır.
Saziş 10 maddədən ibarətdir. Siz bu maddələrə baxmısınız, bunları bilirsiniz, ona görə vaxtınızı almaq istəmirəm. Ancaq onu demək istəyirəm ki, sazişin müddəaları tərəflərin iştirakçısı olduğu dövlətlərin digər beynəlxalq müqavilələrdən irəli gələn hüquq və öhdəliklərinə təsir etmir.
Sazişdəki müddəaların təfsiri və tətbiqi ilə bağlı fikir ayrılıqları tərəflər arasında məsləhətləşmələr və danışıqlar yolu ilə həll ediləcəkdir. Qarşılıqlı razılıq əsasında müvafiq qaydada sazişə dəyişikliklər və əlavələr edilə bilər.
Sazişdə onun qüvvəyə minməsi və qüvvədə olması proseduru verilmişdir. Saziş bu növ dövlət sənədlərinin tərtib olunma tələblərinə tam cavab verir. Qanun layihəsinin təsdiq olunmasını məqsədəuyğun hesab edirəm. Sağ olun. 
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.50 dəq.)
Lehinə 105
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 105
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsidir. Buyursun Ziyad Səmədzadə.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Hörmətli Səməd müəllim Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasındaki əməkdaşlığın mahiyyətini kifayət qədər açıqladı. Eyni zamanda, bu əməkdaşlığın inkişafı sahəsində görülən tədbirləri qeyd etdi.
Qanun layihəsi hər iki ölkə arasında beynəlxalq avtomobil əlaqələrinin inkişafını nəzərdə tutur. Bilirsiniz ki, Azərbaycan Qədim İpək Yolunun üzərində, strateji nöqtədədir. Hər iki ölkə arasında avtomobil əlaqələrinin də genişlənməsi bütövlükdə Azərbaycanın tranzit imkanlarını genişləndirəcək, iqtisadiyyatımızın göstəricilərini yaxşılaşdıracaqdır. Millət vəkillərindən xahiş edərdim ki, qanun layihəsinə müsbət münasibət bildirsinlər. Sağ olun.

Azərbaycan Respublikası  Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.52 dəq.)
Lehinə 105
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 105
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında ikiqat vergiyə cəlb etməyə yol verilməməsi, gəlir və əmlak vergilərinin ödənilməsindən yayınma hallarının qarşının alınması haqqında” 16 sentyabr 1996-cı il tarixli Sazişə əlavə və dəyişikliklərin edilməsi barədə Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında” Protokolun təsdiq edilməsi haqqında qanun layihəsidir. Buyurun, Ziyad müəllim.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bir daha qeyd etmək istəyirəm ki, Qazaxıstanla Azərbaycan arasında iqtisadi əməkdaşlıq bütün sahələrdə geniş vüsət almışdır. Vacib məsələlərdən biri də vergi qanunvericiliyinin təkmilləşdirilməsi, iki ölkə arasında olan münasibətlərin qanun vasitəsi ilə tənzimlənməsidir. Biz ikiqat vergi ilə əlaqədar olaraq kifayət qədər qanunlar qəbul etdik. Bu qanun layihəsi də müvafiq qanunların strukturuna, tələblərinə, prinsiplərinə uyğun gəlir. Hesab edirəm ki, bu qanun layihəsinə də müsbət səs versək, bütövlükdə Azərbaycanla Qazaxıstan arasında iqtisadi əlaqələrin daha da təkmilləşməsinə xidmət etmiş olarıq. Millət vəkillərindən qanun layihəsinə səs vermələrini xahiş edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Əgər çıxış etmək istəyən yoxdursa, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.53 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 103
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Qazaxıstan Respublikasının Təhsil və Elm Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsidir. Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli, buyurun.
İ.Həbibbəyli, Milli Məclisin Elm və təhsil komitəsinin sədri.
Hörmətli deputat həmkarlarım, bir az əvvəl komitə sədri Səməd Seyidovun burada şərh elədiyi Qazaxıstan Respublikası ilə Azərbaycan Respublikasının rəhbərləri arasında dövlətlər səviyyəsində bağlanmış bəyannamənin məntiqinə uyğun olan “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Qazaxıstan Respublikasının Elm və Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında” Sazişdə təhsilin demək olar ki, bütün əsas istiqamətləri üzrə qarşılıqlı əməkdaşlıq proqramlarının tətbiq olunması müəyyən edilir.
Hər iki ölkənin maraqlarına uyğun olaraq professor-müəllim heyətinin mübadiləsi, qarşılıqlı elmi konfransların keçirilməsi, elmi dərəcələr, elmi adlar, nostrifikasiya prosedurları kimi məsələlər barədə sazişin müddəalarına uyğun geniş miqyasda əməkdaşlıq proqramları həyata keçiriləcək.
Ən mühüm müddəalardan biri də ondan ibarətdir ki, sazişdə hər iki tərəfdən hər il 5 nəfər bakalavr, 5 nəfər isə magistr proqramı üzrə tələbə mübadiləsinin həyata keçirilməsi nəzərdə tutulub. Tələbələri qəbul eləyən tərəf tələbələrin bütün xərclərini üzərinə götürür. Tələbələr əlavə xərc ödəməyəcək.
Bütün bunlara görə dediyim sənəd çox böyük əhəmiyyətə malikdir. Eyni zamanda, tələbələrin alacaqları dövlət nümunəvi sənədin, yəni diplomların qarşılıqlı surətdə tanınmasına dair müddəa da qanun layihəsində öz əksini tapıb. Təqdim olunan qanun layihəsi hər iki tərəf üçün sərfəlidir. Bizim Qazaxıstanla ikitərəfli münasibətlərimiz üçün də bu qanun layihəsinin mühüm əhəmiyyəti var. Ona görə sizi qanun layihəsinə səs verməyə çağırıram. Sağ olun.
Sədrlik edən. Sağ olun, İsa müəllim. Çıxış eləmək istəyən yoxdursa, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.57 dəq.)
Lehinə 107
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 108
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Müqavilələr hüququ haqqında” Vyana Konvensiyasına qoşulmaq barədə Azərbaycan Respublikası qanununun layihəsidir. Əli müəllim, buyurun.
Ə.Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri. 
Çox sağ olun, Ziyafət müəllim. Bilirsiniz ki, “Müqavilələr hüququ haqqında” Vyana Konvensiyası beynəlxalq hüquqda müqavilələrin bağlanmasını tənzimləyən ən vacib bir konvensiyadır. Bu baxımdan Azərbaycanın da bu konvensiyaya qoşulması əhəmiyyətlidir, çünki ölkəmiz bir çox ölkələrlə ikitərəfli, çoxtərəfli müqavilələr imzalayır. Amma əsas bu müqavilələrin hazırlanmasını tənzimləyən “Müqavilələr hüququ haqqında” Vyana Konvensiyasıdır. Həmkarlarımdan bu sənədə səs vermələrini xahiş edirəm. Sağ olun.
Sədrlik edən. Buyurun, xahiş edirəm, münasibət bildirin.

Səsvermənin nəticələri (saat 13.58 dəq.)
Lehinə 105
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 105
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro Hökuməti arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsidir. Buyurun, Əli müəllim.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli həmkarlar, müasir dövrdə qeyri-qanuni miqrasiyaya qarşı mübarizə böyük əhəmiyyət daşıyır. Bilirsiniz ki, “readmissiya” qeyri-qanuni miqrantların ölkə tərəfindən geriyə qəbul olunmasıdır. Bu baxımdan Azərbaycanın bir sıra ölkələrlə, o cümlədən Monteneqro Hökuməti ilə readmissiya haqqında saziş imzalaması əhəmiyyətlidir, çünki bütün sivil ölkələr bu cür hallara qarşı mübarizə aparırlar. Sizdən bu sənədə səs verməyinizi xahiş edirəm. Sağ olun.
Sədrlik edən. Çıxış eləmək istəyən varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yoxdur. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirəsiniz.

Səsvermənin nəticələri (saat 13.59 dəq.)
Lehinə 106
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 106
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “GUAM üzvü olan dövlətlərin dövlət sərhədlərindən keçirilən mallar və nəqliyyat vasitələri haqqında gömrük prosedurlarının müəyyən nəticələrinin qarşılıqlı tanınması barədə GUAM üzvü olan dövlətlərin gömrük qurumları arasında” Protokolun təsdiq edilməsi haqqında qanun layihəsidir. Komitə sədri Ziyad Səmədzadə, buyurun.
Z.Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! GUAM üzvü olan dövlətlər arasında əməkdaşlıq bütün istiqamətlərdə inkişaf edir və bu ölkələr arasında iqtisadi əlaqələr yeni mərhələyə qalxmışdır. Qanun layihəsi gömrük prosedurlarının daha da təkmilləşdirilməsini, ölkələr arasında bu sahədə olan qarşılıqlı tanınma məsələlərini nəzərdə tutur. Millət vəkillərindən bu qanun layihəsinə müsbət münasibət bildirmələrini xahiş edərdim. Sağ olun.
Sədrlik edən. Sağ olun. Çıxış eləmək istəyən, yoxdursa, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.00 dəq.)
Lehinə 105
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 105
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti ilə Cibuti Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsidir. Ziyad müəllim, buyurun.
Z.Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Qanun layihəsi Azərbaycan Respublikası Hökuməti ilə Cibuti Respublikası Hökuməti arasında hava əlaqəsinin formalaşması, inkişafı haqqında Sazişi nəzərdə tutur. Qanun layihəsinin məzmunu, strukturu bizim dəfələrlə müzakirə etdiyimiz qanun layihələrinə uyğun gəlir. Ona görə də millət vəkillərindən xahiş edərdim ki, bu qanun layihəsinə də müsbət münasibət bildirsinlər. Sağ olun.

Azərbaycan Respublikası  Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.02 dəq.)
Lehinə 107
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 108
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti 15-ci məsələ “Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası ilə Dövlətlərarası Aviasiya Komitəsi arasında aviasiya hadisələrinin araşdırılması və qarşısının alınması sahəsində qarşılıqlı fəaliyyət haqqında” Sazişdir. Buyurun, Ziyad Səmədzadə.
Z.Səmədzadə. Hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri! Bilirsiniz ki, Dövlətlərarası Aviasiya Komitəsi adlı bir qurum var. Onun və AZAL-ın təklifləri əsasında bir sıra mühüm layihələr imzalanmışdır.
Bu qanun layihəsi aviasiya hadisələrinin araşdırılması və qarşısının alınması sahəsində qarşılıqlı fəaliyyət proqramını nəzərdə tutur. Qanun layihəsi 10 maddədən ibarətdir. Hər iki tərəfin hüquqları müəyyən edilmişdir. Bu qanun layihəsinin qəbulu aviasiya hadisələrinin araşdırılması imkanlarını xeyli yaxşılaşdırmağa imkan verəcəkdir. Ona görə millət vəkillərindən bu qanun layihəsinə də səs vermələrini xahiş edirəm. 
Sədrlik edən. Tahir Kərimli.
T.Kərimli. Təşəkkür edirəm, hörmətli Sədr. Bayaq izah olundu, ingilis dili beynəlxalq dildir. Mən Səməd müəllimə demişdim, amma məruzə eləmədi, yəqin deyərdi. Maddə 12-də yazılır ki, Bakı şəhərində 2017-ci il 10 may tarixində Azərbaycan və rus dillərində olmaqla iki əsl nüsxədə imzalanmışdır. Niyə rus dilində? Beynəlxalq təşkilatla –  Dövlətlərarası Aviasiya Komitəsi ilə Azərbaycan arasında bağlanan sənəd niyə ingiliscə deyil?
Bir də, sonra çıxış eləməməkdən ötrü bir məsələ barə-sində indi deyim. Bilmirəm, Azərbaycana nə dərəcədə dəxli var, yoxdur, bundan sonrakı sənədi bir sıra dövlətlər imza eləməyiblər, amma biz ratifikasiya edəcəyik. Hər ikisinə görə sual şəklində müraciət edirəm. Təşəkkür edirəm.  
Sədrlik edən. Sağ olun. Tahir müəllim, bu suala Ziyafət müəllim cavab verib. Birincisi, rus dili də Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik  Şurasının 5 rəsmi dilindən biridir. Ona görə rus dilində də olar. Burada bir fərq yoxdur.
Başqa sual yoxdursa, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.05 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 105
Nəticə: Qəbul edildi

Sağ olun, qəbul edildi.
16-cı məsələ “Qaçaqmalçılıq və gömrük qaydalarının pozulmasına dair İqtisadi Əməkdaşlıq Təşkilatının məlumat bazasının yaradılması və fəaliyyəti barədə” Sazişin təsdiq edilməsi haqqında qanun layihəsidir. Ziyad Səmədzadə, buyurun.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Qaçaqmalçılıq və gömrük qaydalarının pozulmasına dair İqtisadi Əməkdaşlıq Təşkilatının məlumat bazasının yaradılması son dərəcə ciddi bir məsələdir. Bütövlükdə qloballaşan dünyada, aviasiya əlaqələrinin genişləndiyi bir şəraitdə qaçaqmalçılıq və qaçaqmalçılıqla mübarizə getdikcə geniş xarakter alır. Dövlət Gömrük Komitəsinin apardığı tədqiqatlara görə dünyanın bir çox ölkələrində pozuntular artır. Bu pozuntuları araşdırarkən kifayət qədər məlumat bazasının olmaması çətinliklər törədir. Ona görə ümumi prinsip və tələbləri nəzərdə tutan məlumat bazasının yaradılması ön plana çəkilir. Buna görə də Azərbaycan Respublikası haqlı olaraq bu sazişə qoşulur və bu məsələ imzalanmışdır.
O ki qaldı bəzi ölkələrin buna  imza atmaması məsələsinə, bu o demək deyil ki, biz onları gözləməliyik. Azərbaycanın Ümumdünya Gömrük Təşkilatı ilə son dərəcə sıx əlaqələri var. Onların Bakıda ofisləri var, mütəmadi olaraq Azərbaycana gəlirlər. Birgə seminarlar keçiririk və Milli Məclisin üzvləri də bu seminarlarda bilavasitə iştirak edirlər. Ona görə də bu qanun layihəsinin qəbul edilməsi məqsədəuyğun hesab edilir.
Mən Tahir müəllimə təşəkkür edirəm və eyni zamanda, bildirmək istəyirəm ki, məlumat bazasının yaradılması əlavə yük deyil. Bu, bütövlükdə qaçaqmalçılığa – dünyada bəla formasını almış prosesə qarşı mübarizə formasıdır. Ona görə də millət vəkillərindən qanun layihəsinə səs vermələrini xahiş edirəm. Sağ olun.
Sədrlik edən. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.07 dəq.)
Lehinə 109
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 109
Nəticə: Qəbul edildi

Sağ olun, qəbul edildi.
Növbəti 17-ci məsələ “Azərbaycan Respublikası Hökuməti ilə Laos Xalq Demokratik Respublikası hökuməti arasında diplomatik pasporta malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsidir. Buyurun, Səməd Seyidov.
S.Seyidov. Çox sağ olun, Oqtay müəllim. Qeyd etməliyəm ki, bu qanun layihəsini təqdim etməmişdən əvvəl Siz artıq buna öz münasibətinizi bildirdiniz, beynəlxalq təşkilatın öz rəsmi dilləri var. Sazişlər mütləq Birləşmiş Millətlər Təşkilatının hər hansı bir dilində əks olunmalıdır. Siz bu haqda danışdınız. Misal üçün, indi Avropa Parlamentində ingilis və fransız dilləridir. Birləşmiş Millətlər Təşkilatında 6 dildir. Sazişlər bağlananda mütləq qəbul olunmuş ingilis, fransız, rus və başqa beynəlxalq dildən istifadə olunmalıdır.
“Azərbaycan Respublikası Hökuməti ilə Laos Xalq Demokratik Respublikası Hökuməti arasında diplomatik pasportlara malik şəxslərin viza tələblərindən azad edilməsi haqqında” Saziş çox vacib və əhəmiyyətlidir. Birincisi, bu region ciddi inkişaf edir. Bu gün Azərbaycanın maraqları yalnız Avropanı deyil başqa qitələri, Şərq və Uzaq Şərqi də əhatə edir. İlk mərhələdə əlaqələr qurmaq, münasibətləri inkişaf etdirmək üçün diplomatik pasporta malik olan şəxslərin viza rejimindən azad olunması çox labüd və vacib məsələdir. Ona görə belə bir sazişin qəbul olunmasına tərəfdarıq və həmkarlarımdan bunu təsdiq etməyi xahiş edirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.10 dəq.)
Lehinə 109
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 109
Nəticə: Qəbul edildi

Sağ olun, qəbul edildi.
Bu qəbildən olan sonuncu məsələ “Azərbaycan Respublikası Hökuməti ilə Kosta Rika Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında”  Sazişin təsdiq edilməsi barədə qanun layihəsidir. Buyurun, Səməd Seyidov.
S.Seyidov. Oqtay müəllim, minnətdaram. Bu, bir addım da irəli gedən saziş kimi qiymətləndirilməlidir. Ona görə ki, burada yalnız diplomatik pasportdan söhbət getmir. Burada yazılıb... “diplomatik və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Saziş. Dediyim kimi, artıq Azərbaycanın maraqları dünyanın müxtəlif, həm yaxın, həm də uzaq coğrafiyada yerləşən ölkələrini əhatə edir. Bu nöqteyi-nəzərdən də bu sazişin qəbul olunması bizim milli maraqlarımıza uyğundur. Həmkarlarımı bu sazişə səs verməyə çağırıram. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.11 dəq.)
Lehinə 110
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 110
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Birinci iclasımız olmasa idi, bəlkə də tənəffüs eləməzdik, amma 15 məsələ var, ona görə tənəffüs elan edilir.

(FASİLƏDƏN SONRA)

Sədrlik edən. İclasımıza davam edirik. Gündəliyin 19-cu məsələsi “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsidir. Buyursun Ziyafət Əsgərov.
Z.Əsgərov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bu qanunun 4-cü və 26-cı maddələrinə iki dəyişiklik nəzərdə tutulur. Söhbət ondan gedir ki, biz “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunda bu normaları təsbit etmişik. Bu qanuna edilən dəyişikliklər isə “Kəşfiyyat və əks-kəşfiyyat haqqında” Qanuna uyğunlaşdırılır.
Söhbət ondan gedir ki, Dövlət Təhlükəsizliyi Xidmətində və Xarici Kəşfiyyat Xidmətində işləyən əməkdaşlar istefaya gedəndən sonra onların hərbi qeydiyyatı və onlara hərbi biletlərin verilməsi həmin orqanların özləri tərəfindən həyata keçiriləcək. Bu da hesab edirəm ki, dünya praktikasına uyğun gələn bir məsələdir, çünki bunlar xüsusi xidmət orqanlarıdır. Burada müəyyən konfindensiallıq məsələləri var. Bu, qanunların bir-birinə uyğunlaşdırılması nöqteyi-nəzərindən də olduqca vacibdir. Çox sağ olun, təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Fazil Mustafa.
F.Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Bu, ideyanı mən də dəstəkləyirəm. Əslində bu bir az gecikmiş addımdır, çünki bizim kəşfiyyat və əks-kəşfiyyat sahəsində olan kadrların daha sistemli şəkildə ehtiyatda müəyyən qüvvə kimi qorunub saxlanması bir vəzifə kimi görülməli idi. Elə fürsət düşmüşkən qeyd edim ki, biz bir çox sahələrdə bu işi davam etdirməliyik. Xüsusilə də idman sahəsində.
Sovet dövründə “Dinamo”, OİK və başqa klubların bazasında ehtiyat idman bazası qorunub saxlanırdı. Bizdə təəssüf ki, bu istiqamətdə çox da sistemli işlər aparılmır. Diqqət edirsinizsə, bu gün beynəlxalq yarışlarda Azərbaycanı təmsil edən idmançıların ordu yaşları dövründə formada saxlanması işinə diqqət yetirilmir. Bu sahəyə də baxılmalıdır. Bu günlərdə Bakıda Voleybol üzrə qadınlar arasında Avropa çempionatı keçirildi. Bu çempionatda, həqiqətən, qürur duyası bir hadisə baş verdi. Çox gözəl tərtibat, təşkilatçılıq işi vardı. Mənə ən çox zövq verən bir hadisə oldu. Qızlarımızın üçüncü yer uğrunda görüşdə udma ehtimalları bir o qədər də yüksək deyildi, amma ölkə Prezidenti məğlub olma riski olan bir oyunda axıra qədər oturub komandanı dəstəklədi. Bu, idmana olan bir baxış, münasibətdir. Biz çalışmalıyıq ki, alt qatlarda bunun bazası formalaşsın.
Mən fürsətdən istifadə edib deputat həmkarım Cavid Qurbanova da təşəkkürümü bildirirəm ki, həqiqətən, Azərbaycanın adını yüksəklərə qaldıran bir tədbir keçirildi. Dördüncü yer olsun, amma Avropa masştabında bu cür uğur qazanmaq Azərbaycan kimi kiçik dövlət üçün böyük bir işdir, çünki bizim qarşımızda çox ciddi rəqiblər var idi.
Bu bazanı yaratmaq üçün biz ordu faktorundan ciddi istifadə etməliyik. Baxın, kişi voleybolçularımız güclü deyillər, yavaş-yavaş qaldırmalıyıq. Basketbol komandasının, ümumiyyətlə, izi-tozu yoxdur. Meydançaların artması lazımdır. Azərbaycan övladlarının bu istiqamətdə müəyyən hazırlıq prosesinin keçməsi vacibdir. Ona görə də mən bu qanunun ideyasını dəstəkləyirəm. Hesab edirəm ki, təkcə kəşfiyyatçı və əks-kəşfiyyatçılara yox, müxtəlif sahələrdə mütəxəssisə aid olan məsələlər varsa, onların qorunması istiqamətində bu addımların atılması ancaq dövlətimizin faydasına olar. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Yaxşı ki, axırını düzəltdin, dedim, bəs kəşfiyyatçıları basketbol oynamağa göndərmək istəyirsən.
Yeri gəlmişkən, mən də Cavid müəllimi təbrik edirəm. 12 ildən sonra artıq Azərbaycan dördüncü pilləyə yüksəldi. Bu çox böyük nailiyyətdir.
Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.18 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 104
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti 20-ci məsələ “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsidir.  Buyursun Ziyafət Əsgərov.
Z.Əsgərov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bu qanun layihəsi də digər qanun layihəsinə uyğunlaşdırılmaq baxımından dəyişikliklərə məruz qalıb. Belə ki, 1 fevral 2017-ci ildə Cinayət Məcəlləsinə edilən dəyişikliklərə uyğun olaraq “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunda dəyişikliklər edilib. Yadınızdadırsa, biz “Publik hüquqi şəxslər haqqında” Qanun qəbul etdik. Bu qanuna müvafiq olaraq “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanuna “publik hüquqi şəxslər” sözü əlavə edilir və bəzi yerlərdə “orqanları” sözləri “yerli özünü idarəetmə orqanları” və ya “qurumları” sözləri ilə əvəz edilir. Yəni texniki və redaktə xarakterli dəyişikliklərdir, qanunların bir-birinə uyğunlaşdırılması nöqteyi-nəzərdən edilir. Ona görə, xahiş edirəm, müsbət münasibət bildirəsiniz. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.20 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 104
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Qanunda dəyişiklik edilməsi barədədir. Buyursun Ziyafət Əsgərov.
Z.Əsgərov. Sağ olun, cənab Sədr. Burada da qanunların bir-birinə uyğunlaşdırılmasından söhbət gedir. Belə ki, “Dövlət sərhədi haqqında” Qanuna “kütləvi qırğın silahları” sözləri əlavə edilir.
Bu nə ilə bağlıdır? “Sərhəd qoşunları haqqında” Qanunun 12-ci maddəsində belə bir ifadə artıq işlənilir. Bu qanun artıq qəbul olunubdur. Burada söhbət ondan gedir ki, Azərbaycan Respublikasına daxil olan radioaktiv maddələr, sonra, dövriyyəsi məhdudlaşdırılan digər maddələr, o cümlədən kütləvi qırğın silahları mütləq Azərbaycan sərhədlərində yoxlanılmalıdır. Əgər belə hərbi təyinatlı məhsullar Azərbaycana daxil olursa, mütləq yoxlanılmağa məruz qalmalıdırlar. Qanunların bir-birinə uyğunlaşdırılması nöqteyi-nəzərindən də bu dəyişikliyin edilməsi zəruridir. Bu qanuna da müsbət münasibət bildirməyinizi xahiş edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun, Ziyafət müəllim. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.21 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 4
İştirak edir 104
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti 22-ci məsələ “Meliorasiya və irriqasiya haqqında” Qanununda dəyişiklik edilməsi barədədir. Buyursun Valeh Ələsgərov.
V.Ələsgərov, Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri.
Təşəkkür edirəm, cənab Sədr. “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikası Qanununun 2016-cı ildə qəbul etdiyimiz “Lisenziyalar və icazələr haqqında” Qanunla uyğunlaşdırmaq məqsədi ilə təklif edilir ki, “Meliorasiya və irriqasiya haqqında” Qanunun 12-ci maddəsinin dördüncü hissəsində “qurumun” sözü “quruma onun” sözləri ilə və “icazə alınması tələb olunduqda həmin lisenziya və icazə alınmış hesab edilir və yenidən” sözləri “siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan icazə” sözləri ilə əvəz edilsin.
Nəticədə bu hissə bu cür yazılır: “Müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma onun balansında olan meliorasiya və su təsərrüfatı obyektlərinin layihələndirilməsi, tikintisi, idarə olunması, saxlanılması, qorunması işlərinin görülməsi üçün lisenziya və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan icazə alınması tələb olunmur”. Əminəm ki, lehinə səs verib qəbul edəcəyik. Sağ olun.
Sədrlik edən. Sağ olun. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.23 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 103
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
23-cü məsələ “Polis haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsidir. Buyursun Əli Hüseynli. 
Ə.Hüseynli. Hörmətli cənab Sədr, hörmətli həmkarlar! Bu dəyişikliklər “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamə”nin təsdiqi ilə bağlı qanunda edilmiş düzəlişlə əlaqədardır. Uyğunlaşdırılma xarakteri daşıyır. Belə ki, Əsasnamənin müvafiq maddələrindən “ləyaqətsiz” sözü çıxarılmışdır. Ona görə də “Polis haqqında” Qanunun 28-ci maddəsindən bu sözün çıxarılması təklif olunur. Uyğunlaşıdırma xarakterlidir, səs verməyinizi xahiş edirəm.
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.24 dəq.)
Lehinə 101
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Azərbaycan Polisinin 100 illiyi (1918–2018)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsidir. Əli Hüseynli buyursun.
Ə.Hüseynli. Cənab Sədr, hörmətli millət vəkilləri! Bildiyiniz kimi, cənab Prezident Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbirlərin keçirilməsi ilə əlaqədar müvafiq fərman imzalamışdır. Çox təqdirəlayiq haldır ki, 100 illiyini qeyd edən bir çox dövlət orqanları mövcuddur. Parlamentin də 100 illiyi qeyd olunacaq. “Azərbaycan Polisinin 100 illiyi (1918–2018)”yubiley medalının təsis olunması da məhz bununla bağlıdır.
Qeyd etməliyəm ki, bu medal özündə həm müstəqil Azərbaycan dövlətçiliyinin, həm də polis orqanlarının atributlarını ehtiva edir. 100 illə bağlı yubiley medalı ilə daxili işlər orqanlarında vəzifələrini nümunəvi yerinə yetirən, cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmin olunmasında fəal iştirak edən və polis orqanlarının inkişafında xüsusi xidmətləri olan şəxslərin, o cümlədən beynəlxalq tərəfdaşların təltif olunması nəzərdə tutulur. Hesab edirəm ki, gələcəkdə Azərbaycanın orden və medallarının sırasında belə yubiley medalının olması dövlətçiliyimizin vacib atributlarından biridir. Odur ki, “Azərbaycan Polisinin 100 illiyi (1918–2018)” yubiley medalının təsisi olunması ilə bağlı Qanuna səs verməyinizi xahiş edirəm.
Sədrlik edən. Sağ olun. Çingiz Qənizadə.
Ç.Qənizadə. Təşəkkür edirəm. Təbii ki, bu layihə ilə bağlı hamı müsbət fikir bildirə bilər, çünki bu gün Azərbaycan dünyanın ən stabil, ən təhlükəsiz ölkələrindən biridir. Ölkəmizdə ictimai asayiş yüksək səviyyədə qorunub və inşallah, bundan sonra da qorunacaq.
Mən təbii ki, polis orqanlarının 95 illiyi ilə əlaqədar yubiley medalından sonra belə bir medalın təsis olunmasının tərəfdarıyam və bir məsələni qeyd etmək istəyirəm.  Bu faktdır ki, polis orqanlarının əməkdaşları bəzən, normadan artıq işləyirlər. Müəyyən qaynar nöqtələrdə olurlar və ictimai təhlükəsizliyin təmin olunmasında bəzən həyatlarını da qurban verirlər. Bu qurumun əməkdaşlarının zaman-zaman təltif olunması üçün bu cür orden və medalların təsis olunması təqdirəlayiqdir və belə hesab edirəm ki, buna səs vermək lazımdır. Sağ olun.
Sədrlik edən. Sağ olun. Mən dedim yəqin sən də durub Milli Məclisin 100 illiyi medalını təklif edəcəksən, amma etmədin.
Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.28 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 103
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
25-ci məsələ “Azərbaycan Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədədir. Buyursun Ziyad Səmədzadə.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2017-ci il 1 fevral tarixli Qanunun tətbiqi ilə əlaqədar hazırlanmışdır.
Qanunun 57.1-ci maddəsinə təklif edilir ki, Mərkəzi Bankın maliyyə hesabatının tərtib edilməsi ilə bağlı digər məsələlər “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə uyğun olaraq tənzimlənilir. Biz “Publik hüquqi şəxslər haqqında” Qanun qəbul etmişik. Bu qanuna görə “Mühasibat uçotu haqqında” Qanununda dəyişikliklər edilmişdir. Bu dəyişikliklərin bir maddəsi də Mərkəzi Bankla əlaqədardır. Ona görə də millət vəkillərindən bu qanun layihəsinə səs vermələrini xahiş edirəm. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.30 dəq.)
Lehinə 105
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 105
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “İnvestisiya fondları haqqında” Qanununda dəyişikliklər edilməsi barədədir. Ziyad müəllim, buyurun.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Qanun layihəsi “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirlməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi ilə əlaqədardır.
“İnvestisiya fondları haqqında” Qanunun 53-cü maddəsinə “və bu fondun idarəçisi” sözləri əlavə edilir. Yəni məsuliyyəti, eyni zamanda, investisiya fondunun idarəçiləri də daşıyır. Millət vəkillərindən qanun layihəsinə səs vermələrini xahiş edərdim. Sağ olun.
Sədrlik edən. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.31 dəq.)
Lehinə 105
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 106
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti 27–30-cu məsələlər də qanunların uyğunlaşdırılması ilə əlaqədardır. 27-ci məsələ  “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsidir. Buyurun, Ziyad müəllim.
Z.Səmədzadə. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi ilə əlaqədardır.
Bura “əlavə dövlət qeydiyyatına, girovun əlavə dövlət qeydiyyatına” sözləri əlavə edilir. Əvvəllər tamam başqa formada yazılırdı. İndi isə təklif edilir ki, “əlavə dövlət qeydiyyatı” sözləri əlavə edilsin. Millət vəkillərindən bu qanun layihəsinə səs vermələrini xahiş edərdim. Sağ olun.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.33 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
28-ci məsələ “İpoteka haqqında” Qanunda dəyişikliklər edilməsi barədədir. Ziyad müəllim, buyurun.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! “İpoteka haqqında” Qanunda dəyişikliklər “Dövlət rüsumu haqqında” Qanuna edilmiş dəyişikliklərlə əlaqədardır. “İpoteka haqqında” Qanunun 19-cu maddəsinə “dövlət qeydiyyatına alındığı” sözləri əlavə edilir. Qüvvədə olan mətndə yazılmışdı ki, “qeydə alındığı gündən”. İndi isə 19.2-ci maddəyə “dövlət qeydiyyatına alındığı müvafiq reyestrdə əlavə qeydə alınır” sözləri əlavə edilir. Bu, bütövlükdə dünya praktikasında özünü doğruldan bir məsələdir. Ona görə millət vəkillərindən qanun layihəsinə səs vermələrini xahiş edirəm.
Sədrlik edən. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.34 dəq.)
Lehinə 104
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 106
Nəticə: Qəbul edildi
 
Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Yol hərəkəti haqqında” Qanunda dəyişikliklər edilməsi barədədir. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli həmkarlar, bu layihə də “Dövlət rüsumu haqqında” Qanunda dəyişikliklər edilməsi barədə 2017-ci il 1 fevral tarixli qanunun tətbiqi ilə bağlıdır. Uyğunlaşdırma xarakterli olduğuna görə səs verməyinizi xahiş edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.35 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 103
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Bu qəbildən olan 30-cu məsələ “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsidir. Əli müəllim, buyurun. 
Ə.Hüseynli Çox sağ olun. Hörmətli həmkarlar, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanuna edilən bu dəyişiklik çox əhəmiyyətlidir. Məsələ burasındadır ki, cənab Prezidentin “Xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” müvafiq fərmanı var. Ona görə də “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanuna “xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətlər” və “xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron qeydiyyatı” anlayışları əlavə olunur.
Həmçinin qeyd etmək istəyirəm ki, qanunun 7-ci maddəsində xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı üçün 2 gündən gec olmayan müddət nəzərdə tutulur.  Çox çevik bir mexanizmdir və Azərbaycan iqtisadiyyatı üçün əhəmiyyətlidir. Sizdən qanun layihəsinə səs verməyinizi xahiş edirəm.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.37 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 103
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
31-ci məsələ Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqındadır. Əli Hüseynli, buyurun.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli millət vəkilləri, bu layihə də uyğunlaşdırma xarakterlidir. Belə ki, Mülki Məcəlləyə dəyişiklik edilməsi haqqında 2016-cı il 30 dekabr tarixli qanun qəbul  olunmuşdur. İndi edilən dəyişiklik də həmin düzəlişə uyğunlaşdırma xarakteri daşıyır. Qanun layihəsinə səs verməyinizi xahiş edirəm. Sağ olun.
Sədrlik edən.  Sağ olun. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.38 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 104
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
32-ci məsələ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna dəyişikliklər edilməsi barədədir. Ziyad Səmədzadə, buyurun.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri!  Artıq hörmətli Əli müəllim bu barədə dedi. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 5-ci və 10-cu maddələrində uyğunlaşdırma xarakterli dəyişikliklər edilir. Millət vəkillərindən bu qanun layihəsinə səs vermələrini xahiş edirəm.
Sədrlik edən. Sağ olun. Tahir Kərimli.
T.Kərimli. Təşəkkür edirəm, hörmətli Sədr. Bildiyiniz kimi,  Azərbaycan Respublikasının Mülki Məcəlləsi bir sıra mülki münasibətlərdən doğan qanunlar üçün baza rolunu oynayır. Mən bir məsələni aydınlaşdırmaq istərdim. Biz Mülki Məcəllənin 148-ci maddəsindən “Notariat hərəkəti aparan digər vəzifəli şəxslər” normasını çıxarırıq, indi təklif olunan qanunda bir neçə yerə daxil edirik. Yəni  “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 5-ci və 10-cu maddələrinə eyni sözləri əlavə edirik. Yəni bu niyə Mülki Məcəllədən çıxarılır, amma digər qanunda öz əksini tapır? Bunu mən bir qədər başa   düşmədim. İzah olunsa, yaxşı olar. Nə üçün eyni hal Mülki Məcəllədən –  baza qanunundan çıxır, digər törəmə qanunda öz əksini tapır? Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Ziyad müəllim, buyurun.
Z.Səmədzadə. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 5-ci, 10-cu maddəsinə belə fikir əlavə olunur: “Hüquqların  dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti  etməyə hüququ çatan digər vəzifəli şəxslər...”. Biz axı ”Notariat haqqında” Qanun qəbul etmişik. Mövcud notariuslardan başqa qanunla müəyyən  edilmiş digər hüquqi şəxslər də daşınmaz əmlakın dövlət qeydiyyatını apara bilərlər. Ona görə 5-ci və 10-cu maddələrə bu sözlər əlavə edilir. Mülki Məcəlləyə olan dəyişiklikləri isə məsləhət olarsa, Əli müəllim deyər. 
Sədrlik edən. Tahir müəllim, qane etdi? Qane etmirsə, hüquqi cəhətdən cavab verək.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, cavab verin.
Z.Əsgərov. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Əslində yerində verilmiş sualdır. Ziyad müəllim izah etdi, dəqiq olsun deyə  sizə deyirəm. Biz bunu mülki hüquqdan nə üçün çıxardıq? Hazırda qüvvədə olan Mülki Məcəlləyə görə daşınmaz əmlakın qeydiyyatını buna hüquqi çatan istənilən hüquqi şəxs edə bilər. Amma indi təklif edirik ki, daşınmaz əmlakın qeydiyyatını, yaxud notarial hərəkətləri buna xüsusi səlahiyyəti olan vəzifəli şəxslər edə bilər. Hər vəzifəli şəxs yox, buna xüsusi səlahiyyəti olan vəzifəli şəxslər edə bilərlər. Söhbət daşınmaz əmlakdan gedir. Qalan notarial hərəkətləri edə bilərlər. Sağ olun.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.43 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 105
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
33-cü məsələ “Əmək pensiyaları haqqında” Qanuna dəyişiklik edilməsi barəsindədir. Buyursun Hadi Rəcəbli.
H.Rəcəbli, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri.
Hörmətli cənab Sədr, hörmətli deputat həmkarlarım! “Əmək  pensiyaları haqqında” Qanunun “Əsas anlayışlar” maddəsində kiçik bir dəyişiklik edilir. Bu dəyişiklik ondan ibarətdir ki, biz əvvəllər yazırdıq: “xüsusi hesab”. İndi “xüsusi hesab” deyilən anlayışa bir fikri də əlavə edirik. Burada “məbləğin” özü də müəyyənləşdirilir. Bu da işi daha dəqiq, daha konkret görməyə kömək edir. Hesab edirəm ki, bu, önəmli bir düzəlişdir. Ona görə hamınızı buna səs verməyə çağırıram.
Sədrlik edən. Sağ olun. Sədaqət Vəliyeva.
S.Vəliyeva. Çox sağ olun. Hörmətli Sədr, söz verdiyinizə görə təşəkkür edirəm. Hörmətli Oqtay müəllim, mən qanuna səs verəcəyəm, amma fürsətdən istifadə edib bir məsələni qeyd etmək istəyirəm.
Bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə reallaşdırılan sosial-iqtisadi islahatların fonunda ölkəmizin insanlarının rifah halının yüksəldilməsi, yeni iş yerlərinin yaradılması, bütövlükdə insanların sosial müdafiəsinin təminatında ciddi addımlar atılmaqdadır. Bunun  nəticəsidir ki, sosial müdafiə  sahəsində xoşagəlməz hallar aradan qaldırılmışdır. Xidmətin səviyyəsi yüksəlib.
Lakin iş prosesində qarşılaşdığımız bir sıra problemlər onu göstərir ki, bəzi sektorlarda işləyən mexanizmlərin daha da təkmilləşdirilməsinə ehtiyac var. Məsələn, səhətindəki problemlərlə əlaqədar əlillik dərəcəsi almaq üçün müraciət edən şəxslər  bir çox hallarda problemlə qarşılaşırlar.
Burada mən bir məsələni qeyd edim. Xəstəni görmədən ona əlillik dərəcəsi vermək nə qədər düzgün bir məsələdir? Mən çox xahiş edərdim ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu məsələnin üzərində bir daha işləsin. Bir xəstəni görmədən ona əlillik dərəcəsi vermək nə dərəcədə doğrudur? Mən bilmirəm, harada belə məsələ var? Çünki eyni diaqnozla  2 xəstə gəlir, biri daha ağır vəziyyətdə, o biri ondan nisbətən yüngül vəziyyətdə olur. Amma həkimlər xəstəni görmədən ona necə əlillik dərəcəsi verirlər? Mən çox xahiş edirəm, nazirlik buna bir az diqqət versin. Bu çox böyük problemlərin həllinə  yol açacaq. Çalışırlar ki, neqativ halları aradan qaldırsınlar. Amma birini qaldırırlar, o biri tərəfdən yenə də başqa bir neqativ hal ortaya çıxır. Diqqətinizə görə təşəkkür edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Hadi müəllim, araşdırarsınız.  Başqa sual yoxdursa, xahiş edirəm, qanun layihəsinə münasibət bildirin.

Səsvermənin nəticələri (saat 16.45 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Sonuncu 34-cü məsələ. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz veto hüququndan istifadə edib. 2017-ci il iyunun 13-də qəbul edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanuna dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa Prezidentin etirazı haqqında qanun layihəsi hazırlanıb. Buyursun Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun, cənab Sədr. Mən məlumat vermək istəyirəm ki, cənab  Prezidentin etirazına Hüquq siyasəti və dövlət quruculuğu komitəsində baxılmışdır. Komissiya Qanuna dəyişikliklər edilməsi barədə qanunun məqsədəuyğun olmaması barədə təklifin qəbul edilməsini Milli Məclisə tövsiyə etmişdir. Hörmətli həmkarlardan bu sənədə səs vermələrini xahiş edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, çox qısa şəkildə bir məsələyə toxunmaq istəyirəm. Biz dövlət qulluğu ilə bağlı burada müxtəlif dəyişikliklər və düzəlişləri qəbul etmişik. Xatırlayırsınızsa, ötən dəfə xaricdə dövlət hesabına təhsil alan tələbələrimizin təhsilini başa vurduqdan sonra ölkə daxilində dövlət qulluğu imtahanlarından keçmədən idarəetmə sisteminə təyin olunmaları ilə bağlı düzəlişləri qəbul etdik. Bu çox mütərəqqi bir dəyişiklik idi.
Mən xatırlatmaq istəyirəm ki, Azərbaycanda dövlət qulluğu haqqında qanunvericilik sistemi 2001-ci ildən tətbiq olunur. Burada bir neçə hüquqşünas həmkarım və eyni zamanda, hörmətli Səfa müəllim iştirak edir. Mən bir dəfə də bu məsələyə toxunmuşdum. Bizdə dövlət qulluğu kateqoriyası sistemində bütün idarəetmə sistemini normal təsnifata bölmək prosesi hələ də yarımçıq qalmaqda davam edir. O zaman hörmətli Şahin Əliyev parlamentdə məsələ qaldırmışdı ki, dövlət qulluqçusu kimi görmək istədiyimiz adamların sıra sayı ona görə azdır ki, dövlətin sosial ehtiyatları, imkanları böyüdükcə biz bu prosesə gedəcəyik. Mənim bildiyim qədər indi Azərbaycanda 34 min dövlət qulluqçusu ştatı var.
Mənim toxunmaq istədiyim məsələnin ikinci tərəfi budur ki, yadınızdadırsa, ötən dəfə Hesablama Palatasının hesabatını qəbul edəndə məlum oldu ki, iki min vakansiya bu gün də boş qalmaqda davam edir. Deməli, adamlar universitetləri normal təhsillə, yüksək təhsillə, aşağı təhsillə qutarmalarından asılı olmayaraq son anda gəlib o nöqtəyə çata bilmirlər.  Bu iki min vəzifə də boş qalır. Biz bu gün Azərbaycan insanının  işə necə ehtiyacı olduğunu da bilirik. Amma mən indi dövlət qulluğu sisteminə getmək asandırmı, çətindirmi, bunu müzakirə etmirəm.
Bizdə 9 təsnifat üzrə vəzifələr qəbul olunub. 5-ci və 9-cu təsnifat üzrə vəzifələrə qəbul üçün müvafiq imtahan mərkəzi imtahan keçirir, – əvvəllər ayrı qurum idi, indi ikisi birləşdirildi, publik hüquqi şəxsə çevrildilər.  Mən elə hesab edirəm ki, bizdə dövlət qulluqçusu kimi o kateqoriyada olan insanların sayı azdır. Mən iddia etmirəm ki, dərhal müəllimlərimizi dövlət qulluqçusu elan edək. Burada müxtəlif baxışlar olacaq. Amma biz bunu Rusiya qanunvericilik sistemindən götürmüşük. Rusiya federal bir ölkədir, unitar vahidliyə malik deyil. Onun idarəetmə sistemi, iyerarxiyası, pilləkəni fərqlidir. Biz isə unitar quruluşlu bir ölkəyik.
Mən hesab edirəm ki, artıq Azərbaycan dövlətinin imkanları kifayət qədər artıbdır, böyüyübdür. Biz bu təsnifata yenidən baxmalıyıq. Çünki bu gün Ali Məhkəmə Məhkəmə-Hüquq Şurasını ali idarəetmə orqanı kimi elan edir. Mən bilmirəm, bundan sonra həmin quruma seçim prosesi Dövlət İmtahan Mərkəzindənmi olacaq. Amma mən şahidiyəm ki, müxtəlif strukturlar, hətta onu demirəm ki, ayrı-ayrı nazirliklər, ümumiyyətlə, dövlət qulluğunu idarəetmə qurumuna vakansiyalarla bağlı heç bir məlumat vermir və  o siyahını heç təqdim də etmir. Ona görə də bu, mühüm bir məsələdir. Cənab Prezident çox vacib bir problemi parlament qarşısında qaldırıbdır. Mən çox arzulayıram ki, hörmətli Səfa müəllimin rəhbərliyi ilə bu məsələni hökumət strukturları ilə birlikdə müzakirə edib yeni bir siyahı qəbul etməyə dəyər. Onda artacaq siyahı. Sağ olun.
Sədrlik edən. Yəni deyirsən iki mindən də çox olacaq?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Sənin xəbərin olsun ki, indi dövlət qulluğu sayılan bütün təşkilatlar, bütün nazirliklər hər ay öz vakansiyaları haqqında müvafiq təşkilatlara hesabat verirlər. Hesabatsız heç nə yoxdur. Onların əksəriyyəti əmək yarmarkalarına çıxarılır, əksəriyyəti də imtahan verib keçirlər. Maraqlanın, baxın, görün hər il nə qədər insan dövlət qulluğuna qəbul olunur, nə qədər insan pensiyaya gedir. Deyirsiz ki, iki min yer boşdur. Bunu dəqiq heç kim deyə bilməz.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Əgər hesabat yoxdursa, sənin dediyin kimi hesabat vermirlərsə, haradan bilirsən?
Z.Oruc. Cənab Sədr, reaksiya verdiyinizə görə təşəkkür edirəm. Mən bütün hökumət strukturlarının belə hesabatı təqdim etmədiyini söyləmədim. Mən bir nazirliyin adını çəkərəm ki, onlar bu quruma heç bir məlumat təqdim etmirlər. Bizim keçən dəfə burada müzakirə etdiyimiz sənəddə də o var idi.  Mən Hesablama Palatasının bizə təqdim etdiyi məlum məcmuədən çıxış edərək dedim ki, iki min yer boş qalıb.
Amma mənim indi qaldırdığım məsələ boş yer uğrunda deyil. Mən dövlət qulluğu sisteminə yeni yanaşmanı təklif etdim. Bu halda dövlət qulluqçularının sayı artacaqdır. Mənə elə gəlir ki, hörmətli Səfa müəllimə fikirlərimi çatdıra bildim.  Mənim niyyətim başqadır. Azərbaycan 2000ci illərdə, büdcəsinin çox ağır bir durumunda məlum modeli götürübdür. İndi o modeldən çıxmanın vaxtıdır. Mən bunu səsləndirdim. Mənim qaldırdığım məsələ mahiyyətcə bu sistemdə qeyrişəffaflığa və sairə aid deyil. Yeri gəlmişkən, iki min yerin hamısını həmin nazirliklər müqavilə qaydasında doldura bilərdilər. O vaxta qədər ki, onsuz da müsabiqədədir. Nə vaxt  gələcəklər həmin adam da durub gedəcək. Yəni mən bunu təklif edirdim. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.53 dəq.)
Lehinə 106
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 106
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
İclasımız sona çatdı. Növbəti ayda iki yeni iclas nəzərdə tutmuşuq. Növbəti iclaslar haqqında sizə xəbər veriləcək. Çox sağ olun. 

 

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi