2017-ci il 23 noyabr tarixli iclasın stenoqramı

BEŞİNCİ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
VIII SESSİYASI İCLASININ

PROTOKOLU № 52

Milli Məclisin iclas salonu.
23 noyabr 2017-ci il.

İclasa Azərbaycan Respublikası Milli Məclisinin
Sədri  O.Əsədov sədrlik etmişdir.

İclasda Milli Məclisin 105 deputatı iştirak etmişdir.

Qeydiyyat (saat 12.04 dəq.)
İştirak edir 92
Yetərsay 83

İclasa dəvət olunmuşlar:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvləri

Əli Əhmədov, Azərbaycan Respublikası Baş nazirinin müavini.
İsmət Abasov, Azərbaycan Respublikası Baş nazirinin müavini.
Samir Şərifov, Azərbaycan Respublikasının maliyyə naziri.


*  *  *

Aydın Əliyev, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri.
Tahir Budaqov, Azərbaycan Respublikası Dövlət Statistika  Komitəsinin sədri.

*  *  *

Şahmar Mövsümov, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru.

*  *  *

Vüqar Gülməmmədov, Azərbaycan Respublikası Hesablama Palatasının  sədri.
Adil Məhərrəmov, Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini.
Mehriban Əlişanova, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.

*  *  *

Şahin Sadıqov, Azərbaycan Respublikası Nazirlər Kabinetinin İqtisadiyyat və maliyyə-kredit siyasəti şöbəsinin müdiri.


*  *  *

Sevinc Həsənova, Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini.
Sahib Ələkbərov, Azərbaycan Respublikası vergilər nazirinin müavini.
Əli Abdullayev, Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini.
Elsevər Ağayev, Azərbaycan Respublikası səhiyyə nazirinin müavini.
Vaqif Əliyev, Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin birinci müavini.
İdris İsayev, Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini.
Mətin Kərimli, Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini.
Gülməmməd Cavadov, Azərbaycan Respublikası energetika nazirinin müavini.
Səyyad Salahlı, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini.
Niyazi Rəhimov, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi sədrinin müavini.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
2. Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
3. İşsizlikdən sığorta fondunun 2018-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
4. Azərbaycan Respublikasının 2018-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
5. Azərbaycan Respublikasının 2018-ci il üçün ehtiyac meyarının həddi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
6. Azərbaycan Respublikası Milli Məclisinin 2018-ci il üçün xərclər smetası haqqında.
7. Azərbaycan Respublikası Hesablama Palatasının 2018-ci il üçün xərclər smetası haqqında.

Aşağıdakı məsələlər müzakirə edilmişdir:

1. Azərbaycan Respublikası Milli Məclisinin 2018-ci il üçün xərclər smetası haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Firudin Hacıyev, Qüdrət Həsənquliyev, Zahid Oruc, Siyavuş Novruzov, Musa Quliyev, Fərəc Quliyev, Aytən Mustafazadə, Sahib Alıyev,  Samir Şərifov

2. Azərbaycan Respublikası Hesablama Palatasının 2018-ci il üçün xərclər smetası haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Vüqar Gülməmmədov

3. Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Hadi Rəcəbli,  İdris İsayev, Ziyafət Əsgərov, Vahid Əhmədov, Əli Məsimli, Zahid Oruc, Rüfət Quliyev, Qüdrət Həsənquliyev, Siyavuş Novruzov, Qənirə Paşayeva, Musa Quliyev, Kamilə Əliyeva, Tahir Kərimli, Əflatun Amaşov, Tahir Mirkişili, Sədaqət Vəliyeva

4. Azərbaycan Respublikasının 2018-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə, Fazil Mustafa, Elman Nəsirov,  İdris İsayev, Əli Məsimli, Siyavuş Novruzov, Sevinc Həsənova, Bəxtiyar Əliyev

5. Azərbaycan Respublikasının 2018-ci il üçün ehtiyac meyarının həddi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Hadi Rəcəbli.

 


Azərbaycan Respublikası
Milli Məclisinin Sədri
O.ƏSƏDOV

 


MİLLİ MƏCLİSİN İCLASI

23 noyabr  2017-ci il. Saat 12.

Azərbaycan Respublikası  Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Xahiş edirəm, qeydiyyatdan keçək.
 
Qeydiyyat (saat 12.04 dəq.)
İştirak edir 92
Yetərsay 83

Yetərsay var, iclasımıza başlaya bilərik.
Hörmətli millət vəkilləri, gündəliyimizdə 6 məsələ qalıb. Mən təklif edirəm ki, son iki məsələni – Milli Məclisin xərclər smetasını və Hesablama Palatasının xərclər smetasını  qabağa salaq. Bu məsələlər elə büdcənin davamıdır. Sonra zərfə daxil olan digər məsələlərə baxarıq. Etiraz yoxdur ki?
Yerdən
. (Eşidilmir.)
Sədrlik edən. Onda Azərbaycan Respublikası Milli Məclisinin 2018-ci il üçün xərclər smetası haqqında qərar layihəsinin müzakirəsinə başlayırıq. Buyurun, Firudin Hacıyev.
F.Hacıyev, Milli Məclisin İşlər müdiri.
Təşəkkür edirəm, cənab Sədr! Hörmətli Sədr, hörmətli deputatlar! Bildiyiniz kimi, Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin 52-ci maddəsinə əsasən Milli Məclisin xərclər smetası növbəti ilin dövlət büdcəsinə baxılarkən təsdiq edilir. Gələn il üçün tərtib olunmuş xərclər smetasının layihəsi sizə təqdim edilmişdir.
Milli Məclisin və onun Aparatının 2018-ci il üçün xərclər smetasının layihəsi mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun olaraq ştat cədvəlləri, inzibati binaların mühəndis qurğularına xidmət göstərən təşkilatlarla bağlanmış müqavilələr və proqnozlar əsasında tərtib edilmişdir.
Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində Milli Məclisin və onun Aparatının saxlanılması üçün 24 milyon 232 min 55 manat vəsait nəzərdə tutulmuşdur.  Bildiyiniz kimi, xərclər smetasının ümumi dəyərinin 68,8 faizini əmək haqqı fondu və əmək haqqı ilə əlaqədar ayırmalar təşkil edir.
Son illər ölkədə aparılan məqsədyönlü siyasətin nəticəsi olaraq Azərbaycan parlamentinə xarici ölkələrdən gələn qonaqların və Milli Məclis deputatlarının xarici səfərlərinin, eləcə də ölkədaxili ezamiyyətlərin sayı xeyli artmışdır.
Hörmətli Samir müəllim, 2018-ci ilin xərclər smetasında göstərilən bəzi maddələr üzrə vəsait çatışmazlığını nəzərə alaraq “Xarici ezamiyyə xərcləri” paraqrafına 200 min manat, “Digər alışlar və xidmətlər” yarımmaddəsinə 300 min manat,  “Mətbəə xərcləri” paraqrafına 50 min manat, “Avadanlığın alınması” yarımmaddəsinə 100 min manat, “İcarə və muzdlu xidmətlər” paraqrafına 200 min manat, eləcə də Milli Məclisin avtoparkının maddi-texniki bazasının yaxşılaşdırılması məqsədi ilə yeni avtomaşınların alınması və göstərilən maddələr üzrə cəmi 1milyon 200 min manat əlavə vəsaitin nəzərə alınmasına kömək göstərməyinizi Sizdən xahiş edirəm.
Bundan başqa, Azərbaycan Respublikası Milli Məclisinin inzibati binasında, həyətyanı sahəsində, avtoparkında aparılacaq yenidənqurma işlərinin, eləcə də iclas zalında 2006-cı ildə quraşdırılmış analoq sistemli televiziya mərkəzinin uzunmüddətli istismarı və yeni rəqəmsal sistemə keçidlə əlaqədar tələb olunan müasir robotlaşdırılmış avadanlıqların və plenar iclas zalında səsvermə sistemi üçün yeni monitorların  alınıb quraşdırılmasını təmin etmək üçün 2018-ci ilin Dövlət İnvestisiya Proqramı layihəsində tələb olunan vəsaitin nəzərdə tutulmasını Sizdən xahiş edirəm. Bildirmək istəyirəm ki, Milli Məclisin inzibati binalarında, iclas zallarında, həyətyanı sahəsində, maşın zalında və avtoparkında  mütəmadi olaraq aparılan yenidənqurma işləri bu gün də davam etməkdədir.
Hörmətli Sədr, hörmətli deputatlar! 2018-ci ilin dövlət büdcəsində Milli Məclis üçün nəzərdə tutulmuş xərclər smetasına dair əlavə açıqlamaya ehtiyac olduğu təqdirdə suallarınıza cavab verməyə hazıram. Sizdən Milli Məclisin 2018-ci il üçün xərclər smetası layihəsinin təsdiq edilməsinə səs verməyinizi xahiş edirəm. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Sağ olun. Başqa təklif var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən.  Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Təşəkkür edirəm, cənab Sədr. Mənim, sadəcə olaraq, Firudin müəllimə sualım var. Hörmətli Samir müəllim də burada iştirak edir, ona görə soruşmaq istəyirəm. Milli Məclis hakimiyyətin müstəqil qanadıdır, 125 deputatı var. Milli Məclis beynəlxalq təşkilatlarda təmsil olunur, çoxlu ezamiyyələr var və Milli Məclisin böyük Aparatı var. Amma mənim üçün çox maraqlıdır ki, məsələn, Prezident Administrasiyasının saxlanılmasına 94 milyondan bir az çox, Milli Məclisin xərclərindən 4 dəfə artıq vəsait xərclənir. Bu ştat cədvəlinə görədirmi, yoxsa Prezident Administrasiyasının əməkdaşları xaricə daha çox ezamiyyətə gedirlər? Bu nə ilə bağlıdır? Bu fərq iki dəfə olsa, yenə başa düşmək olardı. 4 dəfə fərqin olması mənim üçün bir az təəccüblüdür. Çox xahiş edərdim ki, bu məsələyə aydınlıq gətirilsin. Sağ olun.
Sədrlik edən. Sağ olun.  Zahid  Oruc.
Z.Oruc. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli hökumət üzvləri, hörmətli həmkarlar! Qısa şəkildə bir məsələyə toxunmaq istəyirəm. Hörmətli Firudin müəllim də buna öz münasibətini bildirdi.
Parlamentin iclas salonundan reportajları efirdə izləyəndə, elə bil, təhrif olunmuş bir şüa fonunu izləyirik, sanki daxildə bir bulud var. Əlbəttə, o dövr üçün bu çox böyük hadisə idi ki, parlamentin inzibati binası yenidən quruldu, müasir elektron sistemlərlə təmin olundu və sair. İndi biz başımızın üzərində keçmişdəki kimi kameraları görmürük, onlar statikdir. Ancaq analoq qurğularıdır, sistemləridir və mən desəm artıqdır ki, bu gün dünya artıq rəqəmsal kommunikasiya modellərindədir. Ona görə də çox xahiş edirəm ki, bu məsələ parlamentin büdcəsində nəzərə alınsın və bunlar dəyişdirilsin. Bu onun  keyfiyyətinə də təsir göstərəcək. Parlamentin iclasları dövləti əhəmiyyət daşıyır, onlar arxivləşdirilir, onların qorunmasına da bunun təsiri olacaq.
İkinci məsələ. Hörmətli cənab Sədr, parlamentin işini həyata keçirmək üçün onun nəqliyyat parkı var, sürücüləri var və sair. Əgər tapşırıq versəniz ki, bu məsələ ilə bağlı Sizə məruzə hazırlasınlar, görəcəksiniz ki, Prezident Administrasiyası, Nazirlər Kabineti və parlamentdə sürücülərdən tutmuş dispetçer heyətinə qədər o strukturlardakı maaşlar arasında unifikasiya yoxdur. Bizdə daha aşağıdır. Hesab edirəm ki, bu sürücülər parlamentin işində beyinlə, zəka ilə zəhmət çəkən parlament üzvlərinə səhərdən axşama qədər qonaqların qarşılanmasından tutmuş digər ağır işlərə qədər son dərəcə yaxından kömək edirlər. Rayonlara ezamiyyətə gedəndə də onlara vəsait digər strukturlardan fərqli verilir. Xahiş edirəm, tapşırıq verəsiniz ki, bu məsələ aydınlaşdırılsın və o fərq aradan qaldırılsın. Sağ olun.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, cənab Sədr. Komitələrin iclaslarında da bu məsələlərin bir hissəsinin müzakirəsini aparmışdıq. Həmkarlarımın dediklərini dəstəkləyirəm və qeyd edirəm ki, Firudin müəllimin qaldırdığı məsələlərə də dəstək verilməlidir.
Cənab Sədr, Siz hamıdan yaxşı bilirsiniz ki, bəzən parlamentin işləri gözlənilməzdir, yəni planlı şəkildə deyil. İstər dünyada, istərsə də  regionda baş verən hadisələrlə, dostluq qrupları ilə əlaqədar plansız xeyli tədbir ortaya çıxır. Yaxud da haradasa bizim məsələmiz müzakirəyə çıxarılır və parlament üzvlərinin ora ezam olunması vacib olur. Əgər biz 2018-ci ildə 10 ezamiyyə planlaşdırsaq, elə ola bilər ki, bu 25-ə də çata bilər, 30-a da. Çünki baş verən hadisələr yalnız bizdən asılı deyil. Bu baxımdan mən hesab edirəm ki, parlamentə bu sahə üçün ayrılan vəsaitə əlavələr olunmalıdır. İstifadə olunmayacaqsa, geri qaytarılacaq. İstifadə olunacaqsa, olunsun ki, hər hansı bir tədbirdən kənarda qalmayaq. Çünki biz qanunvericiliklə yanaşı, ölkənin imici, ölkəmizdə gedən iqtisadi inkişafla, cənab Prezident tərəfindən aparılan müstəqil siyasətin nəticəsi olaraq təhdidlərin qarşısının alınması ilə əlaqədar işlər görməliyik.
Görürsünüz, ayrı-ayrı parlamentlərdə, beynəlxalq təşkilatlarda Azərbaycanla bağlı müxtəlif, heç aidiyyəti olmayan qərarlar ortaya çıxır. Neçə illər üzvü olduğumuz Avropa Şurasında birdən-birə geriyə dönüş başlayıb, vaxtilə qəbul etdiyi qərarlara yenidən baxılır. Bu təkcə iclasda baş vermir ki. Bu, komitələrdə, oranın aparatında başlanılır və sair. Bunu da biz yalnız bir səfirliyin və yaxud da hansısa bir qurumun öhdəsinə buraxa bilmərik. Ona görə də mütəmadi olaraq Milli Məclisin üzvləri ezam olunmalı, o sahə ilə məşğul olan insanlar ora getməlidirlər. Məsələ parlamentin iclasına tam, hazır vəziyyətə gəlib çıxmalıdır. Bunun üçün də istər-istəməz vəsait tələb olunur və hesab edirəm ki, biz bu məsələni nəzərə almalıyıq.
İkinci, bizim kifayət qədər dostluq qruplarımız var, yaxşı da işləyirlər, hərtərəfli əlaqələr də var. Amma burada əsas meyar gediş-gəliş, bir-biri ilə ünsiyyət qurulmasıdır. İstər Birinci Avropa Oyunlarında, istərsə də  İslam Həmrəyliyi Oyunlarında və digərlərində ölkəmizə gələnlər Bakını görəndən sonra internetdə Azərbaycan haqqında nə yazılırsa, ona inanmırlar, onun əksini deyirlər. Deyir ki, öz gözümlə gördüyüm hara, sizin internet səhifələrində Azərbaycan haqqında yazdığınız yalan məlumatlar hara? Ona görə dostluq qrupunun bura gəlib Milli Məclisin iş prinsipi ilə tanış olması, həmçinin ölkəmizin inkişafını, abadlıq, quruculuq işlərini öz gözü ilə görməsi tamam başqa bir effekt verir. Buna da o qədər böyük vəsait tələb olunmur. Bu sahəyə də müəyyən əlavələr olunsa, daha məqsədəuyğun olar.
Üçüncü, bizdən asılı olmayan səbəblərə görə bu gün dünyada baş verən hadisələri bir tərəfə qoyuram, Azərbaycana qarşı illərlə müxtəlif soyqırımlar həyata keçirilib. Başqa-başqa dövlətlərin təhriki ilə müxtəlif dövlətlər bunu həyata keçirib. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün də müvafiq tədbirlər həyata keçirilməlidir. Bunu orada yaşayan azərbaycanlıların dəstəyi ilə eləyirik, buradan da bizim deputat həmkarlarımız gedir. Söhbət Türkiyədən, Gürcüstandan, Rusiyadan getmir, çünki o ölkələrdə müəyyən addımların atılmasına orada yaşayan azərbaycanlı iş adamları dəstək verə bilərlər. Amma Avropanın elə ölkələri var ki, orada heç üç nəfər iş adamı yoxdur. Orada Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqda hansı fəaliyyətdən söhbət gedə bilər?
Mən hesab edirəm ki, müxtəlif kitabların çap olunmasına parlament dəstək verməlidir. Məsələn, bizim çox gözəl ziyalılarımız, millət vəkillərimiz var ki, Azərbaycan həqiqətləri ilə, ümummilli liderin fəaliyyəti ilə əlaqədar kitablar yazıblar. O kitablar başqa dillərə tərcümə olunmalı və həmin ölkələrdə yayılmalıdır. Bu da Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasının bir istiqamətidir. Düzdür, Milli Məclis Sədrinin köməkliyi ilə onların bir hissəsi həyata keçirilir. Büdcədən əlavə vəsait lazımdır ki, bu kitablar tərcümə olunsun, başqa-başqa ölkələrə çatdırılsın. Yaxud da bizim deputat qrupumuz xarici ölkələrdə olduğu zaman bu kitabları çatdırsınlar. Zəhranın şəhid olması ilə əlaqədar materialları biz öz gücümüzə, parlamentin Beynəlxalq əlaqələr şöbəsinin işçilərinin köməyi ilə tərcümə etdik. Onu professional tərcüməçilərin köməyi ilə beynəlxalq təşkilatlara çatdırmaq daha rahat olardı. Bunun üçün isə kifayət qədər vəsait tələb olunur. Parlamentdə bu imkanlar olmalıdır.
Son olaraq bir məsələni qeyd etmək istəyirəm. Keçən dəfə də bu məsələni qaldırmışdım, bu, parlamentdə çalışan əməkdaşların əmək haqları ilə bağlıdır. Düzdür, bunu tamam başqa istiqamətə yönəltdilər. Parlamentdə kifayət qədər bacarıqlı, savadlı kadrlar çalışırlar. Nəinki parlamentdə, ümumiyyətlə, dövlət işlərində də o insanlar yaxından iştirak edirlər. Onlar qanunvericilik, iqtisadiyyat, sosial sahələrdə və beynəlxalq əlaqələr üzrə çalışırlar. İmkan daxilində onların əmək haqlarının artırılmasına dəstək versək, yaxşı olar. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Musa Quliyev.
M.Quliyev. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Söyləyəcəklərimin, demək olar ki, hamısını hörmətli Siyavuş müəllimlə Zahid müəllim dedilər. Sadəcə, dəstək olaraq söyləmək istəyirəm ki, doğrudan da, parlamentin beynəlxalq fəaliyyətinin güclü şəkildə davam etdirilməsi üçün ezamiyyə xərclərinin artırılmasına ciddi zərurət vardır. Mən təklif edirəm ki, ümumiyyətlə, ezamiyyət xərcləri büdcəmizdə ayrıca qrafa şəklində nəzərdə tutulsun. Parlamentin beynəlxalq təşkilatlarda təmsilçiliyi var. Hansı beynəlxalq təşkilatda ildə neçə dəfə  komitə iclası, neçə dəfə baş assambleya iclası olur, neçə adam gedəcək – bunun hamısını hesablamaq sadə bir şeydir. Ona görə də ona uyğun smeta tutub təsdiq etmək lazımdır. Hörmətli Oqtay müəllim, büdcəni biz təsdiq edirik, büdcəyə biz nəzarət edirik. Biz də hökumətdən xahiş edək ki, beynəlxalq fəaliyyətimiz üçün bizə pul verin. Büdcəni biz təsdiq ediriksə, gəlin, bu şəkildə də bu işi həyata keçirək.
Digər tərəfdən, mən köhnə deputatlardanam, 2000-ci ildən bu yana beynəlxalq təşkilatlarda təmsil olunuram. Açıq deyirəm, son 3 ildə çəkdiyimiz əziyyəti heç vaxt çəkməmişik. Gah komitə iclaslarına gedə bilmirik, gah baş assambleyalarda tam təmsil olunmuruq. Ora gəzməyə getmirik, Azərbaycan həqiqətlərini çatdırmağa, erməni lobbisinin cəfəngiyyatlarının qarşısını almağa gedirik. Bu işləri görmək üçün, təbii ki, vəsait lazımdır və bu xərcləri də biz ya dollarla, ya da avro ilə hesablamalıyıq. Manatla hesablayıb qoyuruq ki, hə, keçən ildəki məbləğdə qaldı. Amma manatın inflyasiyası nəticəsində 30–40 faiz o işləri yerinə yetirə bilmirik. Bununla da illərlə əldə etdiyimiz uğurları artıq davam etdirə bilmirik.
Hörmətli Siyavuş müəllim də dedi, dostluq qruplarının çox böyük əhəmiyyəti var və Azərbaycan bir çox ölkələrlə dostluq qrupları yaradıb. Amma bu dostluq qruplarının fəaliyyəti üçün gərək gedib-gələsən, üz-üzə görüşəsən, müəyyən münasibətlər qurasan. Amma biz vəsait olmaması üzündən illərlə heç hara getmirik və bura gələnləri də layiqincə qarşılaya bilmirik. Hesab edirəm ki, hörmətli Samir müəllim də bizim  narahatlığımızı anlayışla qarşılayar və hökumət büdcə üzərində yenidən işləyərkən bunları nəzərə alar.
Bir də, hörmətli Oqtay müəllim, rayonlara gedirik, maşını olmayan deputatlar var. Qabaqlar biz maşınlardan istifadə edə bilirdik. Son dövrlərdə ya maşın, ya da yanacaq çatışmazlığından bu imkandan da istifadə edə bilmirik. Amma qanunda da yazılıb ki, ezamiyyətə gedərkən bizə bu imkanlar yaradılmalıdır. Mən xahiş edirəm ki, bu məsələ də büdcədə nəzərdə tutulsun. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, amma qanunda elə şey yazılmayıb.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. “Yazarıq” başqa məsələdir. Mən suallara axırda cavab verirəm, bəzilərinə də Samir müəllim cavab verər. Fərəc Quliyev.
F.Quliyev. Təşəkkür edirəm, Oqtay müəllim. Mənim demək istədiklərimi hörmətli həmkarlarım dedilər. Xüsusən də Siyavuş müəllim çox geniş çıxış elədi, Musa müəllim də həmçinin. Mən, sadəcə olaraq, bu fikri yekunlaşdırmaq üçün deyilməyən bir məsələni demək istəyirəm. Dəfələrlə bu məsələni qaldırmışam. Bütün bu məsələlərin həlli ondan keçir ki, hökumət Milli Məclisin ehtiyat fondunun yaranmasını təşkil etməlidir. Çünki o vəsaiti  ayrı-ayrı hesablamaq, gözlənilmədən ortaya çıxacaq məsələləri çərçivəyə salmaq mümkün deyil. Birdən-birə bəzi məsələlər ortaya çıxır. Məsələn, Moldovada Avronest PA-nın iclasında birdən-birə ermənilərlə bağlı bir variant yarandı. Dərhal Fuad Muradov Kiyevə uçmalı oldu. Çox səmərəli bir səfər idi, getmək lazım idi. Yəni Milli Məclisin hesabatlığa söykənən ehtiyat fondunun yaradılması dövlət üçün çox əhəmiyyətli olardı. Mən geniş şəkildə çıxış etməyəcəyəm, həmkarlarımın dediklərini tam dəstəkləyirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Aytən Mustafazadə.
A.Mustafazadə. Təşəkkür edirəm, Oqtay müəllim. Mənim çıxış edəcəyim mövzu bir az fərqlidir. Bu yaxınlarda Əmək və sosial siyasət komitəsinin iclasında büdcəni müzakirə edəndə bir məsələ qaldırdım. Son zamanlar Azərbaycanda fiziki imkanları məhdud şəxslərin, əlillərin cəmiyyətə qovuşmasına böyük diqqət yetirilir. Cəmiyyətdə fəal olanlar, şükürlər olsun ki, var. Onu da qeyd edim ki, xaricdə həm parlamentdə, həm də beynəlxalq təşkilatlarda əlillər mövcuddur. Məsələn, qonaqlar gələndə mən onları parlamentə, komitədə görüşə dəvət edə bilmirəm. Təəssüflər olsun, parlamentin binasında imkan yoxdur ki, xaricdən gələn deputat, ya bir seçici, – bilmirik, bəlkə növbəti seçkilərdə bizdə də  elə millət vəkili olacaq, – arabası ilə parlamentin binasına daxil olsun və burada hərəkət etsin.
Mən istərdim, Sizdən xahiş edəm ki, bu məsələyə nəzər yetirəsiniz. Bu tək pandusla qurtarmır. Pandusdur, liftlərin enliliyidir, pilləkənlərin az olmasıdır, üzr istəyirəm, birinci mərtəbələrdə tualetlərin olmasıdır – bu məsələlərin hamısına diqqət yetirmək lazımdır. Əlillər də Azərbaycan Respublikasının vətəndaşlarıdır, onları hesaba almamaq olmaz.
Yenə deyirəm, onların arasında ictimai həyatda çox fəal iştirak edən adamlar var. Biz bilmirik, bəlkə gələn seçkilərdə inşallah, onlardan biri millət vəkili olacaq və bizimlə işləyəcək. Hələlik demək istəyirəm ki, bizim Rusiyadan gələn qonağımızı nə İnsan hüquqları komitəsinə, nə də Əmək və sosial siyasət komitəsinə dəvət edə bildim. Ona görə ki, burada imkan yoxdur. Belə imkanın, belə infrastrukturun yaradılmasına diqqət yetirilməsini istərdim. Çox sağ olun. 
Sədrlik edən. Çox sağ olun. Mən də Sizin diqqətinizə çatdırım ki, keçən dəfə də çıxış etdiniz, cavab vermədim. Siz Milli Məclisin 2012-ci ildə tikilmiş binasına axırıncı dəfə nə vaxt daxil olmusunuz? İndi həmin binada dediyiniz bütün şərtlər yerinə yetirilib. Panduslar da var, liftlər də enlidir. Siz orada bir adam qəbul etmisiniz?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yəqin, xəbəriniz yoxdur.  Gedin, baxın. Pandus da var, liftlər də enlidir, istənilən insan ora girə bilər.
Siz öz institutunuzda qəbul edirsiniz. Sizin institutda pandus var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Hə, onda gəlin, baxın, Milli Məclisdə də var. Xahiş edirəm, diqqətlə baxın, sonra elə məsələləri qaldırın. Sahib Alıyev. 
S.Alıyev. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, dəyərli həmkarlar! Diqqətinizə çatdırmaq istəyirəm ki, biz 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyini qeyd edəcəyik. Bununla bağlı cənab Prezidentin sərəncamı var və tədbirlərin çox yüksək səviyyədə keçirilməsi planlaşdırılır. Gələn il Azərbaycan parlamentinin yaradılmasının da yüzüncü  ildönümü olacaq. Yəqin ki, rəhbərlik səviyyəsində bununla bağlı müəyyən tədbirlər keçiriləcək və çox ehtimal ki, bayram tədbirlərində assambleya çərçivəsində əməkdaşlıq etdiyimiz parlamentlərin təmsilçiləri də dəvət olunacaqlar. Ola bilər ki, bu, planda var.
Eyni zamanda, Xocalı soyqırımını tanıyan, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı Azərbaycanın maraqlarını əks etdirən qətnamələr qəbul edən parlamentlər də var. Onların da təmsilçilərinin dəvəti məsələsi nəzərə alınmalıdır. Az öncə həmkarlarım da  bu məsələyə toxundular. Bu yaxınlarda hörmətli Musa müəllimlə Peru parlamentinin üzvləri ilə görüş keçirdik və komitə sədrinin müəyyən məsələlərlə bağlı tapşırıqları var idi. Həm onun ətrafında söhbət edildi, həm də söhbət edərkən gördük ki, Xocalı soyqırımını tanıyan parlamentlərdən biri olaraq Peru parlament nümayəndə heyətinin də Azərbaycana səfər etmək fikri var. Parlament diplomatiyası çərçivəsində həyata keçirilən bu cür tədbirlər, bir daha vurğulayıram ki, 100 illik məsələsi istər-istəməz əlavə xərclər tələb edir. Bu baxımdan həmkarlarımı dəstəkləyirəm.
Mən büdcə ilə bağlı bir məsələyə toxunacaqdım, amma toxunmadım. Çünki bildim ki, dövlət səviyyəsində bununla bağlı müxtəlif addımlar  atılacaqdır. Amma eyni zamanda, xatırlatmaq istəyirəm ki, biz gələn il, sadəcə, Azərbaycan Cümhuriyyətinin, şərəfli tariximizin 100 illiyini yox, həm də faciələrlə dolu tariximizin ildönümlərini qeyd edəcəyik. 18-ci il soyqırımlarından 100 il keçir. 18-ci il deportasiyasından 100 il, 48-ci il deportasiyasından 70 il, 88-ci il deportasiyasından 30 il keçir.
Bəzən Dağlıq Qarabağ münaqişəsindən danışarkən ilkin başlanmış hadisələr kimi Sumqayıt hadisələri hallandırılır. Halbuki bu proseslər məhz azərbaycanlıların indi “Ermənistan” adlandırılan öz dədə-baba torpaqlarından qovulması ilə başlanıb. Parlament diplomatiyası çərçivəsində ildönümündən faydalanaraq bu proseslərin daha geniş  şəkildə təbliğinə ehtiyac var. Təbii ki, bu da müəyyən vəsaitlərə bağlıdır. Cənab Prezident də parlamentdəki çıxışında parlament diplomatiyasının milli maraqların, dövlət maraqlarının və Dağlıq Qarabağ münaqişəsinin  düzgün çatdırılmasındakı mühüm rolunu vurğuladı. Mən də bu baxımdan həmkarlarımızın qaldırdığı fikirləri dəstəkləyirəm və ümid edirəm ki, maliyyə naziri bunları nəzərə alacaq. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Mən bəzi suallara münasibətimi bildirmək istəyirəm. Həmkarlarımız çox düzgün məsələlər qaldırdılar. Zahid müəllim televiziya ilə bağlı danışdı. Tamamilə düzdür. Milli Məclisdə aparılan təmir işlərindən artıq 11 il keçib. Biz bu işlərə bir neçə il qabaq başlamalıydıq, amma ümumi maliyyə vəziyyətinə görə başlamadıq. Ancaq investisiya proqramında nəzərdə tutulub, məktub yazılıb. Televiziyanın analoq sistemindən rəqəmsala keçirilməsi, səsvermə sisteminin dəyişdirilməsi – bir çox məsələlər 2018-ci ildə həll olunacaq.
2018-ci il həm də Azərbaycan Cümhuriyyətinin, milli parlamentimizin 100  illiyidir. Çoxlu qonaqlarımız olacaq, bu istiqamətdə işlər də gedir.
O ki qaldı ezamiyyə xərclərinə, deyim ki, bizim də, Maliyyə Nazirliyinin də səhvi olmuşdur. 2016-cı ildə 2017-ci ilin büdcəsi təsdiq olunanda biz devalvasiya məsələsinə dərindən fikir verməmişdik və qəbul olunmuş rəqəmlər var idi. Ona görə, həqiqətən, 2017-ci ildə ezamiyyə məsələlərində bir az çətinlik oldu. Ancaq mən hesab edirəm ki, buna baxmayaraq, biz bütün beynəlxalq təşkilatlarda keçirilən tədbirlərdə fəal iştirak etdik. Bir həmkarımız dedi ki, qonaq layiqincə qəbul edildi. Hələ indiyə qədər Azərbaycanda qonaqların layiqincə qəbul edilməməsi halı olmayıb. Xahiş edirəm, buna bir az diqqət yetirin.  
İndi büdcədə oxudunuz ki, əlavə 200 milyon da artırılıb. Tam səmimi deyirəm, Maliyyə Nazirliyi ilə heç bir problemimiz yoxdur. Lazım olan bütün məsələləri həll edirik. Mən indi maliyyə nazirinə söylədim ki, gələcəkdə diqqətdə saxlanılacaq bəzi məsələlər var. Düzdür, bizim tədbirlərimiz çoxdur, amma qarşıda 2 böyük tədbirimiz ola bilər. Bunlardan biri Parlament İttifaqı gənclərinin ümumi toplantısıdır. Bu, dünya parlamentlərinin 250  nəfərə yaxın üzvünün iştirak edəcəyi tədbir olmalıdır. Samir müəllimə dedim ki, əgər Azərbaycan bu tədbirə ev sahibliyi edə bilsə, gələn ilin  mart–aprel aylarında bu, nəzərə alınsın.
İkinci böyük bir tədbirimiz olacaq. Bu, büdcədə nəzərdə tutulmayıb, amma əlavə məktublarla nizamlanacaq. ATƏT-in xətti ilə “İpək yolu” dəstək proqramı üzrə burada 30 ölkənin iştirakı ilə tədbir keçirilməlidir. Bu haqda məktub yazılıb, məsələ dəqiqləşəndən sonra yəqin yenidən danışacağıq. Tədbirin keçirilməsi üçün də hər  cür şərait yaradılacaq.
Sürücülərin əmək haqqı ilə bağlı sual qaldırıldı. Mən inanmıram ki, ayrı-seçkilik məsələsi olsun. Nazirlər Kabinetidir, Milli Məclisdir, mən eşitməmişəm, araşdırarıq. Onu da əvvəldən demək istəyirəm ki, bu istiqamətdə, əmək haqları ilə bağlı iş gedir, yəqin, gələcəkdə bunun nəticələrini  görəcəyik. Samir müəllim, sözünüz var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun.
S.Şərifov, Azərbaycan Respublikasının maliyyə naziri.
Çox sağ olun, hörmətli Oqtay müəllim. Bu gün səslənən bütün fikirləri qeyd etdik və hesab edirəm ki, bunların çoxuna Siz artıq aydınlıq gətirdiniz. Yerdə qalan məsələlərə də hökumət daxilində  baxılacaq. Yəqin ki, ayrılan müddət ərzində biz onların həlli ilə bağlı təkliflərimizi təqdim edəcəyik. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Biz ayın 1-nə danışdıq. Ayın 1-də növbəti iclasda Sizi dinləyəcəyik. Əgər başqa fikir yoxdursa, xahiş edirəm, münasibət bildirək. Bağışlayın, o qədər sual oldu ki, mən unutdum, yəni qəbul olunduqda səsə qoyulur.
Növbəti məsələ Hesablama Palatasının 2018-ci il üçün xərclər smetası haqqındadır. Vüqar Gülməmmədov buyursun.
V.Gülməmmədov, Azərbaycan Respublikası Hesablama Palatasının sədri.
Təşəkkür edirəm, cənab Sədr. Hörmətli millət vəkilləri, məlumunuz olduğu kimi, Hesablama Palatasının xərclər smetasına “Hesablama Palatası  haqqında” Qanunun tələblərinə uyğun olaraq Milli Məclisdə növbəti ilin dövlət büdcəsinə baxılarkən ayrıca bir sətirlə baxılır. Bu da palatanın təşkilati və funksional müstəqilliyindən irəli gəlir.
Qeyd edim ki, növbəti ildə Hesablama Palatasının büdcəsi təqribən 3 milyon 852 min manat nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 0,8 faiz, yaxud 29,1 min manat çoxdur. Göstərilən əlavə vəsait növbəti ildə Hesablama Palatasının audit tədbirlərinin təşkilinə ekspertlərin cəlb edilməsi, “Dövlət Auditi” jurnalının rübdə bir dəfə buraxılması və işsizlik müavinətlərinin ödənilməsi üçün nəzərdə tutulmuşdur.
Qeyd edim ki, növbəti ildə palatanın büdcəsində daxili ezamiyyə xərcləri və dövlət qulluqçularının sosial müavinətləri ilə bağlı xərclərin azaldılması nəzərdə tutulub. Ümumilikdə palatanın büdcəsinin təqribən 82 faizdən bir qədər artığı əməyin ödənişi xərcləri ilə bağlıdır. Hesab edirik ki, nəzərdə tutulmuş bu vəsait növbəti illər üçün ölkə xaricində olmaq şərti ilə 60 audit tədbirin keçirilməsi üçün kifayət edir. Mən hörmətli millət vəkillərindən Hesablama Palatasının xərclər smetasını dəstəkləməyi xahiş edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Başqa təklif yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Çox sağ olun. Gündəliyin növbəti məsələsi Sosial  təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında qanun layihəsidir. Buyursun Hadi Rəcəbli.
H.Rəcəbli, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri.
Oqtay müəllim, mövzular bir-birinə oxşar olduğundan,  mümkünsə, hər iki məsələ barəsində bir yerdə məlumat verək.
Hörmətli cənab Sədr, hökumət rəsmiləri, deputat həmkarlarım, mətbuat nümayəndələri! Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin uzaqgörən sosi-aliqtisadi siyasəti, genişmiqyaslı islahatlar strategiyası qlobal miqyasda siyasi kataklizmlərdən qaynaqlanan ciddi çətinliklərin təsirlərini azaltmaqla yanaşı, ölkənin əsas inkişaf proqramlarının uğurla  icrasına təminat verməkdədir.
 Hazırda ölkənin sosial müdafiə sistemi qarşısında qoyulan başlıca vəzifələr hansılardır? Əhatəliyin maksimum dərəcədə artırılması, səmərəliyin yüksəldilməsi, ünvanlığın və şəffaflığın tam təmin olunmasıdır. Bunun nəticəsidir ki, dünyada proqnozlaşdırılması çətin olan maliyyə və iqtisadi proseslərin baş verdiyi hazırkı şəraitdə ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri daha da inkişaf etmişdir.
Artıq bir neçə gündür ki, respublikamızın ali maliyyə qanunu – büdcə zərfi və onunla bağlı digər sənədlər parlamentin komitə və plenar iclaslarında geniş müzakirə olunur. Debatlarda büdcənin mahiyyətini təmin edən əsas müddəalar daha çox diqqəti cəlb edir. Bunlardan birincisi, dövlət büdcəsinin mədaxil hissəsinin əvvəlki ilə nisbətən 20 faiz artması, ikincisi, ölkədə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı genişmiqyaslı iqtisadi və sosial islahatların bu sənəddə rəqəmlərlə bariz ifadəsi, üçüncüsü və düşünürəm ki, ən əsası, büdcəmizin sosialyönümlü və investisiya tutumlu olmasıdır. Bütün müzakirələr bir daha onu göstərdi ki, Azərbaycanın sosial-iqtisadi inkişafının baş məqsədi vətəndaşın güzəranının yaxşılaşdırılması, onun üçün hər cür yaşam şəraitinin yaradılmasıdır.
Sizə paylanmış büdcə zərfində bir sıra əsaslı özəlliklər diqqəti cəlb edir. Belə ki, əvvəlki illərdə bizə “Dövlət Sosial Müdafiə Fondunun büdcəsi” kimi ünvanlanan sənədlər indi “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi” kimi təqdim olunur. Düşünürəm ki, müzakirəni bu kontekstdə aparsaq, daha səmərəli olar.
Hörmətli millət vəkilləri, sizə təqdim olunan bu büdcənin mədaxil və məxarici bütövlükdə 3 milyard 578 milyon 760 min manat təşkil edir. Gəlirlərin böyük bir qismi, təxminən 2 milyard 300 milyon manatı məcburi dövlət sosial sığorta haqları hesabına formalaşır. Sevindirici hal ondan ibarətdir ki, bu məbləğin 1 milyard 400 milyon manatı büdcədən maliyyələşən təşkilatlar deyil, digər sığortaedənlər tərəfindən ödənilir. Fiziki şəxslərdən yığılan sığorta haqları bu dəfə 60 milyon manata çatdırılmışdır. Ötən illə müqayisədə ümumi məbləğlərdən tutmuş bütün göstəricilər üzrə büdcədə müsbət tendensiyalar, artımlar özünü göstərir.
İlk dəfədir ki, bu sənəddə “dövlət büdcəsindən trans-fert” ifadəsi işlədilmir. Bu fikir Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının imkanlarının balanslaşdırılması məqsədi ilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün ayrılan vəsait kimi ifadə olunur. Bunu sizin üçün bir balaca açıqlayım. Bu o  deməkdir ki, 1992-ci ilə qədər hesablanan əmək stajı və sığorta məbləğinin formalaşması, imtiyazlı pensiyaların müəyyənləşməsi və digər bu tipli ödənişlər dövlətin öhdəliyi kimi maliyyələşdiriləcəkdir.
Göstərilən vəsaitin məbləği bu il 1 milyard 300 milyon manat təşkil edir. Onu da qeyd edim ki, bu rəqəm əvvəlki büdcələrdə ümumi mədaxilin 42 faiz qədərini təşkil edirdisə, indi bu 36,3 faizə enmişdir. Bu bir daha onu göstərir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yığım faizini hiss olunan qədər artıraraq bu sahədə fəaliyyətini xeyli yaxşılaşdırmışdır.
Onu da qeyd edim ki, işəgötürmə sistemində sənədləşdirmə sahəsindəki boşluqlar və digər mövcud ehtiyat mənbələri dərindən təhlil edilərək möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müvafiq sərəncamı ilə Baş nazirin müavini hörmətli Əli Əhmədovun rəhbərliyi altında Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası yaradılmışdır ki, bu da gələcəkdə vətəndaşların sosial sığortaya daha dəqiq cəlb olunmasında çox mühüm rol oynayacaqdır.
Digər önəmli məsələ bu il “Əmək pensiyaları haqqında” Qanuna sizinlə birgə etdiyimiz əsaslı dəyişikliklərin maliyyə tutumunun bu büdcədə təzahür tapmasıdır. İslahatların pozitiv məqamlarından birincisi budur ki, bilirdiniz, biz əvvəlki illərdə pensiyanın baza hissəsini yox, sığorta hissəsini indeksə edirdik, indi isə baza və sığorta hissəsini bir yerdə indeksə edirik, bu da, əlbəttə, hiss olunan dərəcədə pensiyaların artmasına gətirib çıxarır.
İkinci maraqlı dəyişiklik ondan ibarətdir ki, biz əvvəlki illərdə pensiyaya çıxan adamlar işlədiyi halda onların pensiya məsələsinə yenidən baxmırdıq. Sizinlə qəbul etdiyimiz qanunda yenidən işini davam edən pensiyaçıların pensiya məbləği hesablanıb, artırılır.
Digər bir məsələ. Yadınıza gəlirsə, işsizliyə qarşı sığorta məsələsi həmin fondun büdcəsində otururdu, indi isə o məsələ həmin büdcədən çıxarılıb yeni bir sistemdə öz həllini tapacaqdır.
Hörmətli deputat həmkarlarım, gələn il üçün Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının büdcəsinin  məxaric hissəsinin təxminən 3,5 milyard manatı, yəni 98 faizə qədəri bilavasitə əhaliyə ödənişlər hesabına olacaqdır. Komitə iclasında əlaqədar icra orqanlarının rəhbərlərinin və nümayəndələrinin iştirakı ilə keçirilən müzakirələrdə uğurlar, müsbət tendensiyaların vurğulanması ilə yanaşı, bir sıra maraqlı fikirlər də səslənmişdir. Belə ki, bu sahədə nə qədər təəssüf doğursa da, yenə də debitor borclarının yığılmasında nöqsan var. Hesab edirik ki, bu məsələdə biz qanunlarımızı qismən ciddiliyə aparmalıyıq ki, debitor borcları yığılsın.
Düşündürən məsələlərdən biri də ondan ibarətdir ki, əlilliyə görə pensiyaya çıxanların sayı qismən azalsa da, faiz olaraq bu rəqəm ümumi pensiyaçıların tərkibində yüksək olaraq qalmaqdadır. Belə ki, əlilliyə görə pensiya alanlar ümumi pensiyaçıların 385 min nəfərini, yəni 29,2 faizini təşkil edir. Hesab edirəm ki, bu qrup insanların pensiyaya çıxma şərtlərinin yenidən işlənməsinə çox böyük ehtiyac var. Burada da düşündürən məsələlər, əlbəttə, çoxdur.
Hörmətli həmkarlarım, bu ilin büdcə zərfini müzakirə edəndə yeni bir sənəd – İşsizlikdən sığorta fondunun 2018-ci il dövlət büdcəsi hamımızın diqqətini cəlb etdi. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sosial müdafiə sistemində məşğulluq məsələsinin önə çəkilməsi prinsipi bir neçə ay bundan öncə Milli Məclisdə qəbul olunmuş “İşsizlikdən sığorta haqqında” Qanunda özünün bariz əksini tapmışdır. Bu qanun qüvvəyə minəndən sonra və ondan xeyli əvvəl yeni iş yerlərinin yaradılması, işsizliyin qarşısının alınması və bütövlükdə ölkə üzrə məşğulluq sisteminin köklü təkmilləşdirilməsi məsələsi gündəmə gəlmişdir.
Son iki ildə orta və kiçik sahibkarlığın hərtərəfli dəstəklənməsi ilə bağlı aparılan davamlı siyasət ölkəmizdə 100 minlərlə yeni iş yerinin yaradılmasına xidmət etmiş, kənd təsərrüfatı, emal, turizm və istirahət biznesi geniş vüsət almışdır. Bu ilin aprel ayında ölkə başçısının sərəncamı ilə ilk dəfə olaraq respublikamızda özünüməşğulluq sistemi formalaşmış və bu məqsədə büdcədən 16 milyon manat vəsait ayrılmışdır. Özünüməşğulluğun ölkə üzrə hərtərəfli və genişmiqyaslı tətbiqi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi BMT-nin Beynəlxalq Əmək Təşkilatı ilə birgə dünya təcrübəsinin öyrənilməsi məqsədi ilə bir sıra maraqlı pilot layihələr həyata keçirməyə başlamışdır. Onu da qeyd etməyi vacib sayıram ki, əvvəlki illərdən fərqli olaraq respublikamızda məşğulluq xidmətinin fəaliyyəti son dövrdə köklü surətdə dəyişmişdir. Burada yeni, daha faydalı əsas istiqamətlər müəyyənləşdirilmişdir.
İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi 89 milyon manatdan bir az çoxdur. Fondun mədaxil hissəsi büdcədən maliyyələşən təşkilatlar hesabına təxminən 17 milyon 726 min manat təşkil edir. Bu vəsait artıq büdcədə oturmuşdur. Digər bir rəqəm başqa sığortaedənlərin hesabına formalaşır ki, bu da təxminən 53 milyon manat təşkil edir. Sizinlə birgə qəbul etdiyimiz həmin qanuna əsasən işəgötürənlər və işçilər bu büdcəyə 0,5 faiz hesabı ilə əmək haqqı fondundan vəsait köçürəcəklər. Bu da orta hesabla 1 faiz miqdarında rəqəm təşkil edəcək.
Fondun baş məqsədi aktiv məşğulluğun təmin olunmasıdır. Bütövlükdə bu istiqamətli fəaliyyətin mahiyyətcə fəlsəfəsi gələcəkdə yardım sistemindən, ələbaxımlıqdan, şəxsiyyətin deqradasiyasından məşğulluğun bu və ya digər formasına keçməkdir. Belə ki, bu büdcənin xərclərinin 35,8 milyon manatı bilavasitə özünüməşğulluq tədbirlərinin təşkilinə yönələcəkdir. Peşə hazırlığı, peşə yönümünün dəyişməsinə 1,6 milyon, haqqı ödənilən ictimai işlərin təşkilinə isə 1,8 milyon manat vəsait ayrılacaqdır.
Diqqəti cəlb edən bir rəqəmi də nəzərinizə çatdırmaq istəyirəm. İşsizliyə görə sığorta ödəmələri hissəsi bu büdcədə əvvəlki illərə nisbətən 3 dəfə artırılaraq 33,5 milyon manat təşkil etsə də, yenə də özünüməşğulluq tədbirlərinə ayrılan vəsaitdən azdır. Bu bir daha onu göstərir ki, baş məqsəd vətəndaşlarımızın məşğulluğunun təmin edilməsidir.
Hörmətli deputat həmkarlarım, bir daha diqqətinizə çatdırmaq istəyirəm ki, büdcə zərfində tamamilə yeni və düşünürəm ki, sosial sahədə inqilabi sənədlər olan Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının və İşsizlikdən sığorta fondunun 2018-ci il büdcələri bugünkü reallıqlar baxımından tam məqbul hesab oluna bilər. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Sağ olun. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev, buyurun.
İ.İsayev, Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, xanımlar və cənablar! Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən və çevik inkişaf kursuna uyğun olaraq dayanıqlı inkişafın təmin edilməsi istiqamətində aparılan sürətli islahatlar qısa müddətdə öz uğurlu nəticələrini əsaslı şəkildə ortaya qoymaqla yanaşı, ölkəmizin yeni şəraitə uyğun milli tərəqqi ssenarisi üçün möhkəm və etibarlı zəmin yaratmışdır.
Bütövlükdə vətəndaşların rifahının davamlı yüksəldilməsinə xidmət edən bu intensiv və çoxşaxəli islahatların prioritet istiqamətlərindən biri də əhalinin sosial müdafiəsi ilə bağlıdır. Son illər bu sahədə müasir texnologiyaların və innovativ yeniliklərin geniş tətbiqi ilə həyata keçirilən islahatlar mütərəqqi dünya təcrübəsinə söykənən optimal sosial müdafiə modelinin qurulmasını hədəfləməklə bərabər, əhatəlilik, ünvanlılıq, şəffaflıq və səmərəlik prinsiplərinin təmin edilməsində də həlledici amil olmuşdur.
Təsadüfi deyildir ki, Dünya Bankının mütəxəssislərinin hesablamalarına görə bu gün sosial təminata ehtiyacı olan əhali qrupunun 90,1 faizinə xidmət edən ölkəmizin sosial müdafiə sistemi geniş əhatəliyi ilə səciyyələndirilir. Bu sistem vasitəsi ilə ödənilən pensiyalar, müavinətlər və sosial yardımlar həmin əhali təbəqəsinin gəlirlərinin artırılmasında, bu əsasda yoxsulluğun azaldılmasında mühüm rol oynayır. Hazırda ölkədə sosial müdafiə sistemi vasitəsi ilə 1 milyon 330 min nəfər əmək pensiyası, 713 min nəfər müxtəlif növ müavinət, 400 mindən artıq insan ünvanlı sosial yardım alır və nazirlik tərəfindən bu şəxslərə hər ay 300 milyondan artıq vəsait ödənilir.
Mahiyyətinə və miqyasına görə əhalinin sosial müdafiəsinin mərkəzi həlqəsi olan və mühüm makroiqtisadi təsir gücünə malik pensiya sisteminin gəlir və xərclərinin məcmusunu, pensiya xərclərinin resurs təminatını özündə ehtiva edən Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının, yəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun büdcəsi növbəti ildə zəruri maliyyə vəsaitlərini formalaşdıraraq ölkə əhalisinin 13,5 faizini təşkil edən əmək pensiyaçıları üzrə sosial öhdəliklərin icrasında vacib rol oynayacaqdır.
Fondun 2018-ci il üçün büdcə layihəsinin tərtibatı çoxfaktorlu proqnozlaşdırma modellərinə söykənir. Bu məqsədlə cari ilin ötən dövründə ölkə iqtisadiyyatının inkişaf meyilləri, növbəti illərdə sosial-iqtisadi inkişafın əsas proqnozları, 2016 və 2017-ci il üzrə fondun büdcəsinin icrasına dair nəticələr, 2017-ci ildə əhalinin gəlirləri, məşğulluq göstəriciləri, demoqrafik inkişaf trendləri, eləcə də cari ilin 1 iyul tarixindən pensiya təyinatı şərtlərində aparılmış kompleks islahat tədbirlərinin təsirləri nəzərə alınmaqla sığorta-pensiya sisteminin parametrlərinin dəyişməsi əsas götürülmüşdür.
Apardığımız aktual hesablamalara əsasən 2018-ci ildə demoqrafik inkişaf trendləri əhalinin məşğulluğunu və sosial vəziyyətini səciyyələndirən göstəricilər nəzərə alınmaqla sığorta-pensiya sisteminin əsas parametrlərinin dəyişməsi aşağıdakı kimi gözlənilir. Doğulanların sayının 156 min nəfər, gözlənilən ömür uzunluğunun 75,9 yaş, qadınlar üçün 78,3, kişilər üçün 73,5 yaş, 15–64 yaşadək, yəni əmək qabiliyyətli yaşda olan əhalinin bütün əhalidə xüsusi çəkisinin 70,5 faiz olacağı, 65 yaşdan yuxarı əhalinin bütün əhalidə xüsusi çəkisinin 6,8 faiz təşkil edəcəyi gözlənilir. İqtisadiyyatla məşğul olanların orta illik sayının 4 milyon 839 nəfər, muzdla işləyənlərin sayının 1 milyon 555 min nəfər, eləcə də bir işçiyə hesablanmış orta aylıq əmək haqqının ilin əvvəlinə nisbətən 3,5 faiz artaraq 550 manat olacağı nəzərdə tutulmuşdur. 2018-ci ildə pensiya sisteminə daxil olacaq və pensiya sistemindən çıxacaq pensiyaçıların sayı üzrə proqnozlar əmək pensiyaçılarının orta illik sayının növbəti ildə 1 milyon 315 min nəfər olacağını göstərir.
Hörmətli millət vəkilləri, qeyd olunan sosial-iqtisadi və demoqrafik göstəricilərə, habelə sosial sığorta, pensiya sisteminin parametrlərinə uyğun olaraq tərtib edilmiş büdcənin əsas parametrləri barədə məlumatı diqqətinizə təqdim edirəm. Fondun 2018-ci il üçün xərcləri 3 milyard 578,8 milyon manat proqnozlaşdırılır ki, bu da cari ilin müvafiq göstəricisinə nisbətən 178,8 milyon manat və ya 5,3 faiz çoxdur. Növbəti ildə əhaliyə ödənişlər fondunun xərcləri 97,7 faiz səviyyəsində və ya 3 milyard 495,1 milyon manat proqnozlaşdırılır.
Xərclərdəki dəyişikliklər aşağıdakı istiqamətlər üzrə nəzərdə tutulmuşdur. Əmək pensiyaları üzrə xərclər 193,2 milyon manat artacaq, məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlər isə 16,3 milyon manat azalacaqdır. Digər xərclər üzrə 1,9 milyon manatlıq artım müəyyən edilmişdir. 2018-ci ildə əmək  pensiyaları üzrə xərclər əhaliyə ödənişlərin 97,5 faizini təşkil edərək 3 milyard 407 milyon manat proqnozlaşdırılır. 
Pensiya xərclərinin artımının 178 milyon manatı cari ilin 1 iyul tarixindən qüvvəyə minmiş yeni qaydaya əsasən qulluq stajına görə əlavə çıxılmaqla əmək pensiyalarının bütün məbləğinin ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi nəzərdə tutulur. Proqnozlara görə 2017-ci ildə ölkə üzrə orta aylıq əmək haqqının artım tempi 6,24 faiz, ilin sonuna aylıq pensiya xərclərinə 238 milyon manat gözlənilir ki, göründüyü kimi, 238 milyon manatın da 12-yə vurulmuş 6,24 faizi 178 milyon manat təşkil edəcəkdir.
Fondun büdcəsində nəzərdə tutulan pensiyaçıların sosial müdafiəsi tədbirlərinin reallaşdırılması nəticəsində növbəti ildə əmək pensiyalarının orta aylıq məbləği 6,9 faiz artaraq 216,5 manat təşkil edəcəkdir. 2018-ci ildə məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərin proqnozu 88,1 milyon manatdır ki, bu da cari ilin büdcə proqnozuna nisbətən 15,6 faiz və ya 16,3 milyon manat azdır. Bu azalma “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə minməsi ilə əlaqədar 2018-ci ildən etibarən işsizliyə görə müavinət xərclərinin fondun büdcəsi üzrə sosial sığorta haqları hesabına maliyyələşdirilən xərclərin tərkibindən çıxarılaraq İşsizlikdən sığorta fondunun büdcəsinə keçirilməsi ilə bağlıdır.
2018-ci ildə digər xərclər 83,7 milyon manat məbləğində nəzərdə tutulur ki, bu da 2017-ci ilin proqnozuna nisbətən 2,3 faiz və ya 1,9 milyon manat çoxdur. Bu sahədə xərc artımı proqram təminatlarının yenilənməsi, bu məqsədlə zəruri avadanlıqların alınması üçün fondun aparatının saxlanılması üzrə nəzərdə tutulan 1,5 milyon manatlıq artım, eləcə də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası vasitəsi ilə həyata keçirilən xərclərdə proqnozlaşdırılan 0,9 milyon manatlıq artım və pensiya müavinətlərinin əhaliyə çatdırılması üzrə bank xərclərində proqnozlaşdırılan 0,5 milyon manatlıq azalma ilə bağlıdır.
Fondun 2018-ci il üçün gəlirləri 3 milyard 578,8 milyon manat proqnozlaşdırılır, bu da 2017-ci ilin proqnoz göstəricisindən 178,8 milyon manat və ya 5,3 faiz çoxdur. Fondun gəlirləri məcburi dövlət sosial sığorta haqları hesabına daxilolmalar, sair gəlirlər və fondun büdcəsinin balanslaşdırılması üçün dövlətin pensiya öhdəliklərinin bir hissəsinin maliyyələşdirilməsi məqsədi ilə dövlət büdcəsindən verilən vəsaitin məcmusundan ibarətdir.
Gəlirlərin 63,5 faizinin məcburi dövlət sosial sığorta haqları hesabına daxilolmalar hesabına təmin ediləcəyi proqnozlaşdırılır ki, bunun da məbləği 2 milyard 273,3 milyon manat olmaqla 2017-ci ilin proqnozu ilə müqayisədə 7 faiz və ya 148,3 milyon manat çoxdur. 2018-ci ildə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 62 faizi və ya 1 milyard 408 milyon  manatı qeyri-büdcə təşkilatlarının payına düşür ki, bu da cari ildə proqnozlaşdırılan daxilolmalardan 108,3 milyon manat və ya 8,3 faiz yuxarıdır. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar, bayaq Hadi müəllim də söylədi, 60 milyon manat məbləğində nəzərdə tutulmuşdur ki, bu da 2017-ci ilin büdcə göstəricisindən 5,6 milyon manat çoxdur.
Məlum olduğu kimi, pensiya qanunvericiliyində edilmiş konseptual dəyişikliklərdən biri də tam sığorta prinsipinin tətbiqi şəraitində pensiya sisteminin maliyyələşdirilmə qaydasının dəyişdirilərək öhdəliklərin maliyyə mənbələri əsasında fərqləndirilməsi ilə bağlıdır. Bu əsasda xərclərin  1992-ci ilin 1 yanvarından əvvəlki dövrə aid hissəsi və əmək pensiyasına əlavələrin formalaşdırdığı dövlət öhdəliklərinin dövlət büdcəsinin tərəfindən maliyyələşdirilməsi, bununla da pensiya sisteminin sığorta təminatı olmayan maliyyə yükünün minimallaşdırılması, resurs potensialının genişləndirilməsi nəzərdə tutulmuşdur.
Yeni maliyyələşmə prinsipinin tətbiqi məqsədi ilə pensiya xərclərinin dövlət öhdəliklərinə aid hissəsinin tam qiymətləndirilməsinin aparılması, eləcə də 1992-ci ilə qədər olan 1 milyon 330 min pensiyaçının hər biri üzrə ayrıca araşdırılaraq ümumi məbləğin dəqiqləşdirilməsi məqsədi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Maliyyə Nazirliyi arasında müvafiq komissiyanın yaradılması müəyyən edilmişdir. Bu iş başa çatdırılana qədər fondun büdcəsinin balanslaşdıma prinsipi ilə tərtib olunması və bu məqsədlə dövlət öhdəliklərinin bir hissəsinin fondun büdcəsinə yönəldilməsi nəzərdə tutulur. Bu əsasda 2018-ci ildə dövlət büdcəsinin öhdəliklərindən fonda yönəldilən vəsait 1 milyard 300 milyon manat təşkil edəcəkdir ki, bu da 2017-ci ilin büdcə göstəricisi ilə müqayisədə 30 milyon manat və ya 2,4 faiz artmaqla növbəti ildə proqnozlaşdırılan illik xərcin 36,3 faizinin, yəni cari ildəkindən 1,1 faiz bənd aşağı olan hissənin maliyyələşdirilməsinə sərf olunacaqdır. Gəlirlərin artım qaydasında görünür ki, növbəti il üçün fondun xərclərində nəzərdə tutulan 178,8 milyon manat artımın 83 faizi sosial sığorta haqları hesabına qarşılanacaqdır.
Hörmətli millət vəkilləri, iqtisadiyyatın sosialyönümlü inkişafında müsbət sosial-iqtisadi təsir imkanlarına malik olan məşğulluq amilinin ön planda saxlanılması, aztəminatlı ailələr üçün dayanıqlı aktiv əmək bazarı tədbirlərinin intensivləşdirilməsi, hər bir əməkqabiliyyətli ölkə vətəndaşının səmərəli məşğulluq imkanlarına malik olmasına şəraitin yaradılması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin respublikanın inkişaf modelini formalaşdıran siyasətinin prioritet istiqamətlərindən biridir.
Növbəti ildən “İşsizlikdən sığorta haqqında” yeni Qanunun qüvvəyə minməsi və bu sahədə ayrıca işsizlikdən sığorta sisteminin tətbiqi ilə aktuallıq qazanan əhalinin məşğulluq imkanlarının və aktiv əmək bazarı tədbirlərinin əhəmiyyətli şəkildə genişləndirilməsi, eləcə də işsizlik müavinəti sisteminin səmərəli restrukturizasiyası üçün adekvat maliyyə təminatını formalaşdıracaq İşsizlikdən sığorta fondunun büdcəsi bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Ölkə üzrə sosial-iqtisadi inkişafın əsas proqnozları, əhalinin gəlirləri və məşğulluq göstəriciləri əsasında aparılmış aktual hesablamalara uyğun olaraq 2018-ci il üçün İşsizlikdən sığorta fondunun işəgötürən və işçi arasında paritet bölgü əsasında əmək haqlarının 1 faizi hesabı ilə müəyyənləşdirilən sığorta haqlarından formalaşan büdcə gəlirləri 89 milyon manat məbləğində, o cümlədən büdcə sektoru üzrə 35,4 milyon manat, qeyri-büdcə sektoru üzrə 53,6 milyon manat məbləğində proqnozlaşdırılır.
Yeni maliyyə mənbəyinin yaradılması dövlət büdcəsinin vəsaitlərinə qənaət etməklə yanaşı, cari ildə məşğulluq sahəsində maliyyələşdirilməsi nəzərdə tutulan 27,5 milyon manat məbləğində xərclərin növbəti ildən əhəmiyyətli şəkildə, yəni 3,2 dəfə artırılmasına imkan verəcəkdir. 2018-ci ildə İşsizlikdən sığorta fondunun 89 milyon manat məbləğində nəzərdə tutulan xərclərinin 37,6 faizi və ya 33,5 milyon manatı işsizliyə görə sığorta ödənişinin verilməsinə sərf olunacaqdır ki, bu da cari ildə bu məqsədlər üçün ayrılmış vəsaitdən 1,9 dəfə çoxdur. Xərclərin 40,2 faizi və ya 35,8 milyon manatı həcmində proqnozlaşdırılan özünəməşğulluq tədbirləri hazırda nazirlik tərəfindən bu sahədə həyata keçirilən sosial proqramın əhəmiyyətli şəkildə genişləndirilməsinə və il ərzində 8 minə yaxın ailənin bu proqramla əhatə edilməsinə şərait yaradacaq.
İşsizlikdən sığorta fondunun xərclərinin 6,8 faizi və ya 6 milyon manatı peşə hazırlığı, əlavə təhsil, ictimai işlərin təşkili və digər tədbirlər üçün nəzərdə tutulmuşdur. 2017-ci illə müqayisədə  bu məbləğ təxminən 3,7 dəfə çoxdur.
Məşğulluq orqanlarının saxlanması xərcləri cari illə müqayisədə 1,7 dəfə artaraq İşsizlikdən sığorta fondunun xərclərinin 15,4 faizini və ya 13,7 milyon manatını təşkil edəcəkdir. Qeyd edilən artım məşğulluq orqanlarının peşə hazırlığı sisteminin regional şəbəkəsinin daha da genişləndirilməsi məqsədi ilə iki yeni modern peşə tədris mərkəzinin tikintisinə, eləcə də işsizliyə görə sığorta ödənişləri ilə məşğulluq xidmətlərinin göstərilməsi sahəsində reallaşdırılan intensiv avtomatlaşdırma işlərinə sərf olunacaqdır.
Hörmətli millət vəkilləri, Azərbaycan Respublikası Prezidentinin əhalinin sosial müdafiəsi məsələlərini daim xüsusi diqqət mərkəzində saxlaması əksər ölkələrin getdikcə artan maliyyə təzyiqləri səbəbindən sosial sahədə ciddi ixtisarlar aparmaq zərurəti ilə qarşılaşdığı bir zamanda Azərbaycanda sosial proqramların vaxtında və tam icra edilməsinin, yeni sosialyönümlü təşəbbüslərin  reallaşdırılmasının başlıca təminatıdır. Fikrimizcə, Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının və İşsizlikdən sığorta fondunun 2018-ci il üçün büdcələri ilə bağlı qanunların qəbulu ölkəmizdə sosial sahənin müəyyən edilmiş inkişaf prioritetlərinin reallaşmasına, əhalinin sosial müdafiəsinin daha da genişləndirilməsinə imkan yaradacaq. Göstərilənləri nəzərə alaraq müzakirənizə təqdim olunan qanun layihələrinin qəbul edilməsini dəstəkləmənizi sizdən xahiş edirəm. Diqqətinizə görə təşəkkür edirəm.

Azərbaycan Respublikası  Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Sağ olun, İdris müəllim. Buyurun, əyləşin. Hörmətli deputatlar, qanun layihəsinin müzakirəsinə başlayırıq. Vahid Əhmədov, buyurun.
V.Əhmədov. Sağ olun, Ziyafət müəllim. İki gündür, müzakirə gedir, ona görə mən çıxışları 5 dəqiqə eləməyi təklif edirəm. Deməli, burada Hadi müəllim də, nazir müavini də geniş məlumat verdilər. Mən, ümumiyyətlə, Əmək  və  Əhalinin  Sosial  Müdafiəsi Nazirliyi ilə Əmək və  sosial  siyasət  komitəsi  arasında  yaranan  münasibəti  çox yüksək qiymətləndirirəm. Etdiyimiz müraciətlərə həm komitədən, həm də nazirlikdən çox ciddi və müsbət  cavablar alırıq.
Mən bir neçə məsələyə öz münasibətimi bildirmək istəyirəm. Birincisi, dövlət borcları və yığım əmsalı ilə əlaqədar məsələyə Hadi müəllim toxundu. Əlbəttə, bu rəqəmlər çox böyükdür. Mən hesab edirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ehtiyatı var ki, bu yığım əmsalını artırsın. Hesablama Palatasının apardığı təhlillər onu göstərir ki, misal üçün, 2016-cı ildə  dövlət sosial sığortasına cəlb edilməyən ümumi daxili məhsuldakı rəqəm artıq 1 milyardı keçir. Bu da onu göstərir ki, bütün dövlət strukturlarının birgə əməkdaşlığı nəticəsində sığorta fonduna əlavə vəsaitlərin cəlb olunması üçün böyük ehtiyac  mənbələri nazirlik tərəfindən araşdırılmalıdır.
Ziyafət müəllim, bir neçə dəfə Milli Məclisdə qan pulu məsələsinə toxunmuşuq. Hətta Milli Məclisin Sədri cənab Oqtay Əsədov da bu məsələ ilə məşğul olub. Mən cənab nazirlə də, komitə sədri ilə də danışmışam. Bu məsələ ilə əlaqədar əlillər bizi həddən artıq çox narahat edirlər. Vaxtında cənab Sədr tərəfindən müəyyən sənədlər Nazirlər Kabinetinə göndərildi, amma çox təəssüflər olsun ki, bu məsələ öz həllini tapmır və bizi çox narahat edirlər. Məbləğin böyük olduğunu bilirəm, ona görə də hökumətdən xahiş edirəm ki, bu məsələyə baxsın. Mən demirəm ki, birdən-birə ödənilsin. Baxsın, müəyyən məbləğlər səviyyəsində iş həll olunsun. Bu məsələni onsuz da gec-tez həll etməliyik.
İkinci, sanatoriya-kurort müalicəsi ilə əlaqədar vəsaitin ayrılması məsələsinə toxunmaq istəyirəm. Həmkarımız Səttar Möhbalıyev də bu məsələyə toxunmuşdu. Dövlət büdcəsindən həmkarlar ittifaqına 20 milyon manat vəsait ayrılıb. Səttar müəllim də qeyd elədi, müraciətlər həddən artıq çox olduğu üçün bu rəqəmə də baxılsın.
Bilirsiniz, Azərbaycanda pensiya islahatına faktiki olaraq bir neçə ildir, başlanılıb, amma 2017-ci ildən artıq bu islahat həyata keçirilib. İslahatın müəyyən müsbət nəticələri olmaqla yanaşı, sual doğuran bir sıra tərəfləri də var. Misal üçün, pensiya islahatı nəticəsində yığımda haradasa 16 min manata yaxın vəsait yığmalısan ki, sonradan pensiyada müəyyən məbləği, yəni ən aşağısı 110 manatı ala biləsən. Amma o yığımı edə bilməyən insanların taleyi çox ciddi məsələdir. Həmin insanlara pensiya verilmir, müavinət verilir, onun da məbləği çox aşağıdır. Mənim aldığım məlumata görə təxminən 60–70–80 manat müavinət veriləcək. Bu çox ciddi məsələdir, həmişə diqqət mərkəzində olmalıdır.
Deyəcəyim digər bir məsələ də dövlət büdcəsinə trans-fertlə əlaqədardır. Biz həmişə bu məsələyə toxunmuşuq. Ümumiyyətlə, deyirik ki, istər Dövlət Neft Fondundan, istərsə də dövlət büdcəsindən transfertə həmişə ehtiyatla yanaşmaq lazımdır. Bayaq mən qeyd etdim, nazirliyin çox böyük ehtiyatı var. Ona görə çalışmalıyıq ki, dövlət büdcəsindən transfertin miqdarını ilbəil azaldaq. Necə ki, rayonların büdcəsini yavaş-yavaş azaltmaqla çalışırıq ki, dövlət büdcəsinə daha çox vəsait qalsın, eləcə də fonda dövlət büdcəsindən ayrılan vəsaitin miqdarını müəyyən qədər azaltmağa çox böyük ehtiyac var.
Sonuncu deyəcəyim məsələ özünəməşğulluqla əlaqədardır. Mən ehtiyac meyarı ilə əlaqədar danışmayacağam. Cəmiyyətdə ehtiyac meyarı ilə əlaqədar söz-söhbət gedir ki, o, ləğv olunacaq. Artıq aydınlıq gətirmək lazımdır ki, ehtiyac meyarının ləğvindən yox, özünəməşğulluq tədbirlərinin həyata keçirilməsindən söhbət gedir. Bir də, məlumat vermək lazımdır ki, 2018-ci ildə özünəməşğulluq tədbirləri hansı rayonda həyata keçiriləcək. Çox sağ olun.

Azərbaycan Respublikası  Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Sağ olun. Əli Məsimli. 
Ə.Məsimli. Sağ olun. Cənab Sədr,  deputat həmkarım Vahid müəllim pensiyalarla bağlı məqamlara toxundu. Mən isə yalnız bir məqamı qeyd eləmək istərdim ki, qiymətlərin sürətlə artdığı indiki zamanda minimum pensiyaların artırılması istiqamətində addımların atılmasına böyük ehtiyac var. Digər tərəfdən isə 16 min manat yığım həddən artıq çoxdur. Belə bir şəraitdə yalnız 110 manat minimum pensiya alacaq, olmasa, ondan 20–30 manat aşağı müavinət alacaq. Hesab edirəm ki, əlillərin müavinətinin artırılması istiqamətində addımların atılmasına da böyük ehtiyac var. Ciddi məsələlərdən biri ondan ibarətdir ki, artıq pensiya almaqdan ötrü staj müddəti xeyli artıb. Əgər belədirsə, onda, – hər il üçün pensiyaya əlavə 5 manatın altında simvolik bir rəqəmdir, – hər ilə görə pensiyanın artırılması rəqəmini də artırmaq lazımdır ki, pensiyalar artsın.
İkinci, pensiya sığorta sistemi ilə bağlı bir neçə məqamı sual formasında demək istəyirəm. Birinci, aydınlıq gətirmək lazımdır ki, işsiz deyəndə işsizlik sığortasına cəlb olunan adamlar kimlər olacaq? Bunlar bilavasitə məşğulluq xidməti orqanları tərəfindən müəyyənləşən 33 min nəfər, yoxsa 2015-ci ilin  məlumatına görə işsizliyə görə yeni sistemə qədər müavinət alan 1543 nəfər və ya Beynəlxalq Əmək Təşkilatının metodologiyası ilə hesablayanda 444 nəfər olacaq? Buna aydınlıq gətirilməsi çox vacibdir.
İkincisi, hər rübdə Azərbaycanda 70–80 min iş yeri açılır. 12 ildə isə 1,5 milyona qədər iş yerinin açılması nəzərdə tutulur. Amma Beynəlxalq Əmək Təşkilatının metodologiyası əsasında isə 2005-ci ildə 320 min olub, indi isə 240 mindir. Fərq 80 mindir. Ona görə bu hesablamaları aparanda diqqətli olmağı tövsiyə edirik, çünki bu, insanların həyatı ilə bağlı çox vacib məsələdir.
Deməli, işsizliyə görə sığorta indiyə qədər kimə tətbiq olunubsa, o, işsizliyə görə orta hesabla 149 manat vəsait alıb. Sual olunur ki, yeni sistem tətbiq olunandan sonra işsizliyə görə müavinət alınmasına neçə nəfər cəlb olunacaq və digər tərəfdən, o vəsait nə qədər olacaq? Deməli, yeni iş yerlərinin açılması, özünəməşğulluq istiqamətində ayrılan vəsait 36 milyondur. İndiki struktura baxanda görürük ki, açılan ilk iş yerlərinin haradasa 80 faizindən çoxu məhz sahibkarlıq istiqamətindədir. Burada da xeyli dərəcədə rəqəmlərin şişirdilməsi  var. Ona görə də bu məsələdə korrupsiya elementlərinin qarşısını almaqdan ötrü ciddi bir nəzarət mexanizminə ehtiyac var. Bu nə formada olacaq onu qeyd eləmək lazımdır.
Sonra, işsizliklə bağlı işlərin həyata keçirilməsi üçün həm yerli, həm də mərkəzi aparata vəsait ayrılır. Bu, 14 milyona qədər vəsaitdir. Bu da bütövlükdə həmin fondun vəsaitinin 15 faizi qədərdir. Həmin vəsaitə təqribən 5 min adamı işlə təmin eləmək olar. Belə bir sual əmələ gəlir ki, niyə işləyən adamlar öz vəsaitləri hesabına həmin qurumu saxlamalıdırlar? Bu məsələnin konstitusion əsasları da var. Konstitusiyada xüsusi bənd var ki, dövlət buna təminat verir. Digər tərəfdən, burada bir məntiq yoxdur. Niyə 5 minə qədər insanı işlə təmin edəcək vəsait birbaşa inzibati orqanların saxlanmasına gedir? Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, Hadi müəllim və İdris müəllim tərəfindən ətraflı məlumatlar verildi. Hadı müəllim xüsusilə pensiya islahatı ilə bağlı məsələyə, indeksasiyaya toxundu. Onların üzərində dayanmaq istəmirəm, çox qısa şəkildə bir neçə qeydim var, onu diqqətə çatdırmaq istəyirəm.
Birinci deyəcəyim məsələ Qarabağ əlilləri və şəhid ailələri ilə bağlıdır. Əlbəttə, ötən dövr ərzində çox böyük işlər görülüb, bu danılmazdır. O cümlədən Səlim müəllim nazir təyin olunandan sonra bu sahədə olan neqativlərin aradan qaldırılması yönündə atılan addımlar gözlə görüləcək səviyyədədir, bunlar inkar edilə bilməz.
Bununla bərabər, diqqəti ona cəlb eləmək istəyirəm ki, biz sovet dövründə bir qədər yaşamışıq. II  Dünya müharibəsindən qalib çıxan, amma əlil olan insanlarımızın cəmiyyətdə bir obrazı var idi. Onlar sısqa, daim hansısa qurumlar tərəfindən pislənən, qınanan, yaxud pis üz görən insanlar qiyafəsində deyildilər. Onların obrazı cəmiyyətdə qəhrəman olduqlarına, döyüşdüklərinə görə tamam ayrı idi. İndi bu savaş 90-cı illərdə bizi qəfil yaxaladı və biz həm torpaq itirdik, həm də şəhidlərimiz, əlillərimiz var. Biz əlillərə göstərdiyimiz münasibəti konkret şəxslərə ünvanlamırıq. Mənim aləmimdə daha artıq dərəcədə Qarabağ müharibəsinin gələcəyinə ünvanlayırıq, çünki bu savaş bitməyib.
Mən bir dəfə də bu parlamentdə söyləmişəm, müəyyən dövrdə qalstuklu adamların, elitar adamların gücü böyük ola bilər, amma ağır dövrlərdə sadə fəhlə balaları dövləti, milləti ən ağır təhlükələrdən xilas edir. Atatürkün bir şəklini İstanbulda aeroportda asmışdılar. Orada mən Türkiyə Cümhuriyyətini bu kişilərlə qurdum. Kişilər dediyi yanındakı şəxslər üç nəfər topçu idi ki, onlar, gerçəkdən də, cümhuriyyəti qurmuşdular, xilas eləmişdilər.
Demək istəyirəm ki, I qrup əlillərə 401 manat, II qruplara da təxminən 290 manat verilir. Bu, Qarabağ əlilinin savaşda iştirakına verdiyimiz qiymətdirmi? Ona görə düşünürəm ki, bu məsələyə qarşıdakı dönəmlərdə baxmalıyıq. Azərbaycan neft ölkəsidir, biz Ermənistanla bu parametrlərə görə müqayisə oluna bilmərik. Sarkisyan müdafiə naziri təyin olunandan sonra kampaniya başlatdı. Cəmiyyət, əlbəttə, süngü ilə buna qarşı çıxdı, amma axırda razılaşmalı oldu. “Qarabağ vergisi” deyilən vergini yaratdılar, hansısa bir əmsal ödəyirlər, Qarabağda həyatını itirən şəxsə 20 min dollar, əlil olana isə 10 min dollar verilir. Bizim pula çevirəndə bu, 34 min manat və sair eləyir. Mən elə hesab edirəm, Azərbaycan dövlətinin imkanları var ki, Qarabağ əlilinin obrazını, həyatını dəyişsin.
Başqa bir  məsələ. Təklif edirəm ki, Qarabağ əlillərindən bir nəfər əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini olsun. Çünki mən bu gün də struktura baxdım, 4 nəfərin hər biri dəyərli insanlardır, müraciət edəndə onlarla çox rahat ünsiyyət qura bilirik. Amma belə demək mümkündürsə, Qarabağ tarixçəsi yoxdur. Bu onların işini qurmaq, daim müraciətlərini qarşılamaq mənasında çox yaxşı olardı.
Əlillərlə bağlı başqa bir problemə də toxunmaq istəyirəm. Onlar silahlı döyüşçü olanda biz onlarla qürrələnirik, amma sonra sanki mülki şəxslərə çevrilirlər, müalicələrinə qədər də sadə insanlarla bərabərləşirlər. Düşünürəm ki, onların hərbi hospitalda müalicə məsələsinə baxmaq olar. İldə bir dəfə və yaxud başqa şərt qoymaq olar ki, bunu da tənzimləmək mümkün olsun.
Şəhid ailələri ilə bağlı başqa bir məsələyə toxunmaq istəyərəm. Sadə xalqın dilində işlədilən qan pulu məsələsinə parlament də münasibət bildirib. Konstitusiya Məhkəməsi də qərar çıxarıb, amma bu hüquqi kolliziya ortadadır və bu proses həll olunmamış qalır. Mənbə axtarırlar ki, bu 11 min insanın problemi necə həll olsun. Mənbəni mən deyim. Aralıq dövr üçün parlament üzvlərinin həyatı sığorta olunur. Populizm kimi görünməsin, Allah hamımıza ömür versin, sağ salamat qalaq. Nə qədər çatırsa, bizim həyatımızın sığorta pullarını götürüb 11 min adama versinlər. Nə qədər çatarsa, tədricən, ardıcıllıqla o insanlara pullarını versinlər. Düşünürəm ki, bu sənəd mükəmməl hazırlanıb, ildən-ilə də təkmilləşməkdədir. Biz buna səs verəcəyik. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Rüfət Quliyev.
R.Quliyev. Hörmətli Sədr, çıxış üçün söz verdiyinizə görə təşəkkürümü bildirirəm. İlk növbədə bildirmək istəyirəm ki, təqdim olunan Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsini bəyənirəm, onun qəbuluna səs verəcəyəm və deputat həmkarlarımı da buna dəvət edirəm. Həmişə olduğu kimi, qanun layihəsi əhalinin sosial rifahının yaxşılaşdırılmasını nəzərdə tutur. Bunu da qeyd eləmək istəyirəm ki, yaşayış minimumun 155 manatdan 173 manata qaldırılması çox təqdirəlayiq haldır.
Mən daha çox başqa məsələlərə toxunmaq istərdim. 3 il öncə mən rəsmi formada nazirliyə, şəxsən cənab nazirə müraciət elədim ki, heç olmasa ayda bir dəfə seçicilərlə keçirilən görüşdə nazirliyin regional nümayəndələri iştirak eləsinlər, əlillik, işsizlik və digər məsələlərə yerində aydınlıq gətirilsin. Cənab nazir göstəriş verdi, rəsmi formada məktub yazdı və bu günə qədər də həmin görüşlərdə bu nümayəndələr iştirak edir və bir çox məsələlər yerindəcə həll olunur. Təbii ki, bu da lazım olmayan söz-söhbətlərin qarşısını alır.
İkinci, ən vacib olan bir məsələyə toxunmaq istərdim. O, özünüməşğulluq məsələsidir. Bu, Azərbaycan üçün çox böyük imkandır, fürsətdir. Bir iqtisadçı kimi qeyd etmək istəyirəm ki, bütün dünyada – istər Amerikada, istər Almaniyada, istərsə də Yaponiyada kiçik və orta sahibkarlığın rolu çox böyükdür və ümumi daxili məhsulda ən azı 55–70 faizə qədər çəkisi var. Bu məsələ ilə əlaqədar, cənab Prezident 2016-cı il 7 aprel tarixində sərəncam imzalamışdır. Bu gün təmsil etdiyim 73 saylı Lənkəran seçki dairəsində artıq 29 ailə bu işə cəlb olunmuş və onlara bu günə qədər 145 min manat vəsait ayrılmışdır. Yəni bu o deməkdir ki, 29 ailə işlə məşğul olur. Onlar konkret olaraq heyvandarlıq, quşçuluq, məişət xidməti və digər sahələrdə çalışır, özlərini dolandırırlar. Mənə elə gəlir ki, gələcəkdə özünüməşğulluq daha da artmalıdır. İnsanların  buna böyük həvəsi var və onlar konkret şəkildə bacardığı işlə məşğul olacaqlar. Mən hesab  edirəm, bu, imkan yaradacaq ki, gələcəkdə ünvanlı sosial yardımların sayı  azalsın və bu işlə məşğul olan ailələrin, insanların  sayı artsın.
Mən burada bir neçə dəfə bir məsələyə toxunmuşam. Bu bizim televiziyaların sahibkarlığa münasibəti ilə bağlıdır. Mən hesab edirəm, özünüməşğulluqla əlaqədar bizim telekanallarda verilişlər hazırlanmalı, bu məsələlər təbliğ və təşviq olunmalıdır. Sağ olun.
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Təşəkkür edirəm, cənab Sədr.  Mən  deputat həmkarlarımın dediklərini dəstəkləyirəm və bir məsələyə münasibət bildirmək istəyirəm. Komitə iclasında da hamiləliyə və doğuşa, bir də, uşağın anadan olmasına görə ayrılan vəsaitlər barədə söyləmişdim. Uşağın anadan olmasına görə cəmi 7 milyon 200 min manat vəsait ayrılıb. 2016-cı ildə Azərbaycanda 159 min 464 uşaq  doğulub. Yəni bunu böləndə təqribən 45 manata qədər vəsait alınır ki, bu da  kiçik bir rəqəmdir. 
Mən bu məsələnin üzərinə niyə qayıtdım? Ona görə ki, bu yaxınlarda mən mətbuatda Beynəlxalq Ərzaq Siyasəti Tədqiqatı İnstitutunun bir hesabatı ilə tanış oldum. Həmin hesabatda qeyd olunurdu ki, Azərbaycanda, Ermənistanda, Tacikistanda uşaqların boy artımında gecikmə var. Boy artımının gecikməsi təkcə uşağın boyu ilə bağlı olan məsələ deyil, həm də onun əqli inkişafına birbaşa mənfi təsir göstərən məsələdir. Bundan başqa, uşaqların keyfiyyətsiz qidalanması, psixoloji, sosial və iqtisadi problemlər də bunu yaradır. Mən kiçik bir araşdırma apardım. Ümumdünya Səhiyyə Təşkilatının qiymətləndirməsinə görə Azərbaycan alçaqboylu ölkə hesab olunur. 200 ölkə arasında qadınların boyuna görə 113-cü, kişilərin boyuna görə isə 115-ci yerdəyik. Yeri gəlmişkən, deyim ki, qonşu Gürcüstan 49-cu, Türkiyə isə 79-cu   yerdədir.
Elmi-Tədqiqat Pediatriya İnstitutu rəhbərinin mətbuata verdiyi açıqlamaya görə Azərbaycanda uşaqların 6 faizində boy artımında gecikmə var. Çox təəssüf ki, Azərbaycanda uşaqların 55 faizi ana südü ilə qidalanmır və bu da əlavə problemlər yaradır.
Məsələn, Britaniyanın Esseks universitetinin araşdırmalarına görə 100 ildə Avropada insanların boyu 11 santimetr artıb. Azərbaycanda isə artıq sizə elan etdim ki, uşaqların 6 faizinin boy artımında gecikmə var. Yəni belə çıxır ki, bizim boyumuz artmaq əvəzinə azalır. Məsələn, Avropada insanların  boyu 179 santimetr, Azərbaycanda isə 170 santimetrdir. Bir çox hallarda insanın boy artımına  təsir göstərən əsas məsələ protein olan qidalardır – ətdir, toyuqdur, balıqdır. Təkcə onu deyim ki, Azərbaycanda orta Avropa göstəricisindən 3 dəfə az balıq istehlak olunur.
Mən bunu niyə misal gətirdim? Məsələn, Avropada orta aylıq əmək haqqı Azərbaycandan 8–10 dəfə artıq olsa da, məsələn, Finlandiyada hər uşağa 17 yaşına qədər 100 avro, Macarıstanda 40 avro, İrlandiyada 140 avro, Danimarkada 145 avro, Almaniyada 192 avro pul verilir. Biz uşaq pullarını ləğv etdik. Mən bunu ona görə səsləndirirəm ki, biz mütləq bu məsələyə baxmalıyıq. Konstitusiyamızda da yazılıb ki, dövlət insanların sosial qayğısına qalmalıdır. Uşaqlarımızın normal qidalanması üçün uşaq pulu verilməlidir. Çalışmalıyıq ki,  valideynin aldığı maaşdan asılı olmayaraq onları, heç olmasa, minimum qida ilə təmin edə bilək. Mən hesab edirəm ki, bu rəqəmlər çox ciddi rəqəmlərdir.  
Dünən burada Səlim Müslümovun  çıxışına qulaq asdım, həm təəccübləndim, həm də təəssüfləndim. Cənab Prezident elə-belə sərəncam imzalamır ki. Prezident sərəncam imzalayıb ki, şəhid ailələrinin və əlillərin mənzil tikintisi üçün ildə 50 milyon pul ayrılsın. Buna tabe olan  hökumət isə cəmi 10–15 milyon manat pul ayırır. Mən dünənki çıxışdan belə başa düşdüm. Bu il də cəmi 27,4 milyon manat ayırır. O vaxt Prezident demişdi ki,  2014-cü ilə qədər növbədə olanlar 2019-cu ilə qədər mənzillə təmin olunmalıdır. Əgər Prezidentin göstərişindən 5 dəfə az vəsait ayrılırsa, deməli, artıq 2019 əvəzinə bunu 5 dəfə geri çəkməliyik. 2019-un üstünə 25-i gələndən sonra, deməli, 2014-cü ilə qədər  növbəyə duranlar neçə on ildən sonra evlə təmin olunmuş olacaqlar. Prezident sərəncam imzalayanda hökumət üzvləri, sözsüz ki, bunu əsaslandırırlar. Əsaslandırmısınız ki, bunu etmək olar, onda Prezidentin tapşırığını yerinə yetirin. Mən düşünürəm ki, bunlar həssas məsələlərdir və bunlara xüsusi diqqətlə yanaşmalıyıq. Sağ olun.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Mən də təklif olunan qanun layihələrinə səs verəcəyəm və hesab edirəm ki, büdcəmizdə  həmişə sosial sahəyə xüsusi diqqət yetirilir. Bu dəfə də bu öz əksini büdcədə tapıbdır. Bir neçə məsələyə toxunmaq istəyirəm.
Onlardan biri Qarabağ müharibəsi veteranları ilə bağlıdır. Təbii ki, onların sayı ilə bağlı müxtəlif rəqəmlər var. 60 mindən yuxarıdır, bəzi hallarda bu say 90 minə gəlib çatır. Amma bunlara verilən müavinət elə təyin olunandan bu günə qədər 50 manatdır. Axı, kommunal xərclər artdıqca burada da cüzi dəyişikliklər olunmalıdır. Lakin bugünkü gündə bu dəyişikliklər edilmir.
Hörmətli Sədr, bir məsələni qeyd etmək istəyirəm. Bizdə digər ölkələrdən fərqlidir. Məsələn, Rusiyanı çıxmaq şərti ilə keçmiş possovet məkanına nəzər salsaq, onlar ya Böyük Vətən Müharibəsi iştirakçılarıdır, ya da müəyyən xırda konfliktlərdə vuruşan insanlardır. Amma Azərbaycanda bunun üstünə Qarabağ müharibəsi veteranları, şəhid ailələri, Əfqanıstan müharibəsi veteranları, Çernobel iştirakçıları və sair əlavə olunur. Say çoxaldıqca da biz bunların sosial müdafiəsi ilə məşğul olmalıyıq. Əgər  avtobusla o vaxt 20 qəpiyə gedirdisə, indi gediş qiyməti qalxanda bunun təminatı da artmalıdır. Yaxud digər xərclərlə bağlı da bu məsələ öz əksini tapmalıdır. Bununla əlaqədar bizim komitəyə kifayət qədər müraciətlər daxil olur. Mən hesab edirəm ki, bu məsələyə baxılmalı və ölçü götürülməlidir.
İkinci, onların təxminən 12 mini pensiyaçıdır. 12 min pensiyaçıya cəmi 11 manatdan hesablanır. 50 manatın 11-i bunların pensiyasına  gəlir. Bu təqaüdə çıxanda məgər veteranlıqdan da çıxır? Bu 50 manat ona müharibədə iştirak etdiyinə görə verilir. O, təqaüdçüdür, təqaüdçü deyil, bunu artıq əmək haqqında başa düşürük ki, neçə faiz hesablanır. Amma təqaüdə çıxan müharibə veteranının haqqını biz niyə 11 manata salmalıyıq? 50 manatdırsa, elə o da onun təqaüdünün üzərinə əlavə olunmalıdır.
Üçüncü deyəcəyim məsələ 13 min insanın dəfələrlə etdikləri müraciətlə bağlıdır. Bəziləri buna qan pulu deyir, bəziləri başqa cür adlandırırlar. Bu verilməlidirsə, qərar qəbul olunmalı və verilməlidir, yox, verilməməlidirsə, izah olunmalıdır ki, niyə? Onu vermənin yolları çox asandır. Hər il büdcəyə 10 milyon əlavə etsək, bir neçə ilə biz bunu yekunlaşdıracağıq və bu söz-söhbət də ortadan qalxacaq. Saxlaya-saxlaya, ötürə-ötürə insanların bir hissəsi dünyasını dəyişir və sair. Ona görə də bu məsələ köklü şəkildə həll olunmalıdır. Ya burada məlumat verilməlidir ki, Milli Məclisə aidiyyəti olan məsələ deyil, filan sahə bunu həll edir, ya da qeyd olunmalıdır ki, qanunda filan yer əyridir, onu düzəltməliyik. Biz zəhmət çəkib onu düzəldək ki, vətəndaşımız hər hansı bir dövlət orqanından narazı düşməsin və öz haqqını ala bilsin.
Sonda bir məsələni də qaldırmaq istəyirəm. Qüdrət müəllim də burada qeyd etdi, şəhid ailələrinə, veteranlara evlər verilir. Hər dəfə Əfqanıstan müharibəsi veteranlarına, Çernobel əlillərinə də 3–5 mənzil vermək olar. Ancaq bir tərəfə yönəldirik. O vaxtı vətən ora hesab olunurdu, bu insan da gedib, orada mübarizə aparıb. Bu öz xoşuna getməyib, bunu göndəriblər. Onların arasında da yaralananlar, psixi təsirə məruz qalanlar var, bunların şəraitinin yaxşılaşdırılması yaxşı olardı. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Qənirə Paşayeva.
Q.Paşayeva. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri!  Mən də bu sənədə səs verəcəyəm, amma bəzi məsələlərə toxunmaq istəyirəm. Xüsusi qayğıya ehtiyacı olan əlillər ölkəmizin əhalisinin təxminən 6 faizini təşkil edir. Statistik məlumatlara görə bu adamların cəmi 5 faizi işləyir. Məsələn, 40  mindən yuxarı gözdən əlilin, sadəcə, 2 faizi özünə iş tapa bilir. “Məşğulluq haqqında” Qanunda yazılıb ki,  qurumlarda əlillərin işləməsi üçün nə qədər kvota var. Bunu yerinə yetirməyən qurumların üzərinə düşən məsuliyyət də var. Səhv etmirəmsə, həmin qurumların üzərinə 1500 manatdan 2 min manata qədər cərimə qoyulur. Məsələn, çox istərdik, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bir açıqlama verərdi ki, bu gün ölkəmizdə bu qurumların neçə faizi əlillərin işə götürülməsi ilə bağlı qanunvericiliyi yerinə yetirir və nə qədəri yerinə yetirmir. Yerinə yetirməyənlərin də nə qədəri cəzalandırılır? Bunlar çox ciddi məsələlərdir, bu insanların işlə təminatında ciddi problemlər var. Qanunda məsələlər öz əksini tapıb, amma çox təəssüf ki, qanunun yerinə yetirilməsinə yetəri qədər səy göstərilmir.
Burada Siyavuş müəllim və digər dəyərli həmkarlarım Qarabağ müharibəsi veteranlarına verilən 50 manat müavinət məsələsini qaldırdılar. Təbii ki, əmək qabiliyyətli bütün əlillərin işlə təmin olunması bizim üçün önəmlidir. Amma Qarabağ müharibəsi veteranları xüsusi bir qrupdur. Bunlar illərlə torpaqlarımızı qoruyublar. Onlarla bağlı xüsusi bir proqrama ehtiyac var və bu insanların işlə təmin olunmasında öncüllük olmalıdır. Hər kəs görməlidir ki, bəli, vətəni torpağı qoruyanların işlə təmin olunmasında öncüllük var. Amma Qarabağ müharibəsi veteranları başqa şey söyləyirlər. Mən də Siyavuş müəllimin təklifini dəstəkləyirəm, nəyə görə bu adamlar təqaüdə çıxanda, onlara verilən müavinət azaldılmalıdır? Bu onların xidmətinə görə verilirsə, təqaüdə çıxıb, maaşına heç  bir aidiyyəti olmamalıdır. Ona görə bu məsələyə xüsusi diqqətin ayrılmasına çox böyük ehtiyac var.
İkinci bir məsələ əmək müqavilələri ilə bağlıdır. Hər il Əmək Müfəttişliyinin saxlanmasına xeyli vəsait xərclənir. Əgər Əmək Müfəttişliyi əmək müqavilələri ilə bağlı ciddi yoxlamalar aparmayacaqsa, onda bu qurumun saxlanmasına nə ehtiyac var? O vəsait başqa məqsədlər üçün istifadə oluna bilər. Yox, əgər o ciddi şəkildə bu işlə məşğul olursa, onda açıqlanmalıdır ki, bu il əmək müqavilələri ilə bağlı məsələlərdə hansı irəliləyişlər olub. Biz bu rəqəmləri çox təəssüf ki, ciddi şəkildə görə bilmirik.
Təbii ki, şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə diqqət, qayğı cənab Prezidentin rəhbərliyi altında həyata keçirilən ən vacib məsələlərdən biridir. Burada Siyavuş müəllim də vurğuladı, şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin sığorta pulu ilə bağlı işlərə ilkin olaraq əllərində məhkəmə qətnamələri olan insanlardan başlaya bilərik. Təxminən 1200 insanın əlində məhkəmənin qətnaməsi var. Məhkəmə qətnaməsində göstərilib ki, bu pul bu ailələrə verilməlidir. Bu qərarı bizim məhkəmələrimiz çıxarıb. Ona görə bu ailələrdən başlayaraq hər il addım-addım bu məsələni həll etmək lazımdır. Getdiyimiz bütün tədbirlərdə şəhid ailələri, Qarabağ müharibəsi əlilləri mütləq bu məsələni qaldırırlar  və soruşurlar ki, bu işə nə vaxt başlayacaqlar.
Qüdrət müəllim sosial mənzillərin tikintisi ilə bağlı məsələ qaldırdı. Təbii ki, biz imkanları başa düşürük, amma bu sahəyə xüsusi diqqət ayırmaq lazımdır. Məsələn, millət vəkili seçildiyim Tovuz rayonu cəbhə rayonlarından biridir, amma çox təəssüf ki, son 2 ildə mənzillərin tikintisi ilə bağlı nəinki artım, həddindən artıq azalma var. Bu məsələdə biz özəlliklə növbəliliyi əsas götürürük. Bəlkə buna xüsusi bir şəkildə baxmağa ehtiyac var ki, ilk növbədə ən ağır  vəziyyətdə olanlar bundan yararlana bilsin. Sağ olun.
Sədrlik edən. Sağ olun. Musa Quliyev.
M.Quliyev. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən də qanun layihələrinə səs verəcəyəm, amma bir neçə təklifimi söyləmək istəyirəm. Bu ilin əvvəllərində aparılan  pensiya islahatlarından sonra pensiyaya çıxan şəxsin şəxsi sosial sığorta hesabında 15840 manat  vəsait toplanması əsas şərt kimi götürülübdür. Yaxın 10 ildə pensiya yaşına çatana qədər pensiya hesabında bu qədər kapital toplamayan insanların sayı kifayət qədər artacaqdır. Artıq bunlar pensiya alanlar kateqoriyasından sosial müavinət alanlar kateqoriyasına keçəcəklər. Bu həm büdcəyə xeyli yük olacaqdır, – indidən bu nəzərdə tutulmalıdır, – həm də sosial müavinətin məbləği çox aşağıdır. Cəmi 66 manatdır, təxminən 40 dollara yaxın bir vəsait edir. Bu, insanların mütləq yoxsulluq həddinə düşməsi deməkdir. Azərbaycanda isə biz mütləq yoxsulluğu ləğv etmişik. Bu çox ciddi məsələdir və hökumət bunun üzərində düşünməlidir. Gündə 2 dollardan az qazancı olan adam mütləq yoxsul sayılır. Əgər biz bu insanlara 66 manat sosial müavinət verəcəyiksə, deməli, bunu nə iləsə kompensasiya etməyi də düşünməliyik.
Ümumiyyətlə, hesab edirəm ki, biz sosial müavinətlərlə bağlı islahatlar aparmalıyıq. 20 sosial müavinət növü, 15 fərdi təqaüd növü var. Bunların çoxunun məbləği o qədər cüzidir ki, vətəndaşa verilib-verilməməsinin onun həyatına təsiri yoxdur. 12, 13 manat məbləğində aylıq sosial müavinət növü var. 5 manat məbləğində sosial müavinət var. Yaxşı olar, biz bunlara bir daha baxaq, sosial müavinətlərin sayını, çeşidini azaldaq, amma məbləğini artıraq ki,  bunu alan insanların əlində onun həyatına təsir edəcək qədər vəsait olsun.
Digər bir təklifim  yaşayış minimumu və ehtiyac meyarı ilə bağlıdır. “Ünvanlı sosial yardım haqqında” Qanun qəbul olunanda ehtiyac meyarı  qəbul olundu. Qanunun 7-ci maddəsinə görə ilbəil ehtiyac meyarı qaldırılıb yaşayış minimumuna çatdırılmalıdır. Əvvəlki illərdə də bu oldu. Amma son illərdə elə bil, bu proses tərsinə gedir. Ehtiyac meyarı ilə yaşayış minimumu arasındakı fərq getdikcə artır və bu da, heç şübhəsiz ki, insanların kasıblamasına gətirib çıxarır. Bu illər biz yaşayış minimumunu 155 manatdan 173 manata qaldırdıq. Ehtiyac meyarını isə artırmadıq, ötən ildəki 116 manat məbləğində qaldı. Bu çox ciddi bir fərq yaradır və yoxsulluq həddində olan insanların sayını artıracaqdır. Bu barədə də düşünmək lazımdır.
Növbəti bir təklifim əməyin ödənilməsinin taarif cədvəli ilə bağlıdır. Hesab edirəm ki, biz bu taarif cədvəlinə yenidən baxmalıyıq. Əmək haqqı alan, muzdlu əməklə məşğul olan şəxslərin hamısı bu taarif cədvəlində  öz əksini tapmalıdır. Siyasi vəzifələrdə olanlar da, o cümlədən millət vəkilləri də, dövlət qulluqçuları da bu tarif cədvəlində öz əksini tapmalıdır ki, əmək haqları inflyasiyaya uyğun olaraq birdəfəlik 10 faiz, 5 faiz artanda hamının əmək haqqı artsın. Yəni sabah, misal üçün, həkimin əmək haqqı artırsa, müəllimin maaşı artmırsa, o kateqoriya deyir ki, bizim əmək haqqımız niyə artmadı? Mədəniyyət sektorunda çalışan da, millət vəkili də deyir ki, mənim əmək haqqım niyə artmadı? Hər kəs də bu iddiasında haqlıdır. Amma vahid taarif cədvəlinə gələndə inflyasiyaya uyğun olaraq əmək haqqının artması bu problemi aradan qaldırılacaqdır.
Bir də, hesab edirəm ki, əmək haqlarının artırılmasında çox cəsarətli addım atılmalıdır. Yəni bu, inflyasiyaya gətirib çıxarası deyil. Bazarda nə qədər çox pul dövr edəcəksə, o qədər də bolluq olacaq. Əmək haqqının artması inflyasiyaya səbəb olmayacaq. İnflyasiyanı gətirən tamam ayrı məsələlərdir. Əmək haqqının artırılmasını da hökumət nəzərdə tutub. Təxminən 4 faiz nəzərdə tutulubdur. Amma inflyasiya bu il 14 faiz olubdur və bu da gələcəkdə gərək əhalinin həyat şəraitinə mənfi təsir göstərməsin. Hesab edirəm ki, bu təklifləri nəzərə almaqla gələn ilin dövlət büdcəsini, həm də nəzərdə tutulan digər qanun layihələrini təsdiq edə bilərik. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Kamilə Əliyeva.
K.Əliyeva. Təşəkkür edirəm. Cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Bizə təqdim olunmuş hər iki qanun layihəsi çox mükəmməl hazırlanmışdır. Ümumiyyətlə, son illər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bir çox vacib qanun layihələri ilə çıxış edir, seçicilərin sosial məsələlər və əmək qanunvericiliyi ilə bağlı üzləşdikləri problemlər nazirlik tərəfindən dərhal araşdırılır və məsələnin müsbət həll olunması üçün müvafiq qərarlar qəbul edilir. Nazirlik istər əmək qanunvericiliyi sahəsində, istərsə də digər sahələrdə müsbət irəliləyişlərə nail olmuşdur. Ən təqdirəlayiq məsələlərdən birincisi işçilərin işlədikləri iş yerlərində fəaliyyətlərinin leqallaşdırılmasıdır. Bu da respublikada işsiz vətəndaşların sayının azalmasına səbəb olmuşdur. Nazirlik tərəfindən yaradılmış elektron informasiya sisteminin köməkliyi nəticəsində müəssisə və təşkilatlarda çalışan hər bir işçi barədə informasiya izlənilir.
Cənab Prezident İlham Əliyevin sahibkarlıq subyektlərində yoxlamaların dayandırılması barədə verdiyi çox önəmli fərman nəticəsində bir çox firma və şirkətlər, sözün həqiqi mənasında, öz fəaliyyətlərini daha da genişləndirmiş və əlavə iş yerləri yaratmışlar. Lakin heç kimə sirr deyil ki, bəzi iş adamları bundan sui-istifadə edərək bir sıra qanun pozuntularına əl atırlar. Buna misal olaraq vətəndaşlar tərəfindən ünvanlanan şikayət ərizələrini göstərmək olar. Nazirlik də qanun çərçivəsində bu cür insanlara yardım etməyə çalışır.
Məşğulluq sahəsində də böyük işlər görülməkdədir. Artıq aztəminatlı ailələrə aylıq sosial müavinət əvəzinə onlara özləri üçün müəssisə və ya təsərrüfat yaratmaları üçün birdəfəlik müavinətlər veriləcək. Bu da onların həyat səviyyələrinin yaxşılaşdırılması üçün çox önəmlidir.
İşsizlikdən sığorta fondunun 2018-ci il dövlət büdcəsi haqqında qanun layihəsi də işçilərin sosial həyatına, onların yaşayış və iş fəaliyyətinə önəmli təsir göstərəcək bir sənəddir. İndi əmək müqaviləsinə xitam verilən hər bir işçi yeni işə düzələnə qədər dövlətin dəstəyini öz üzərində hiss edəcək və mənə elə gəlir ki, yeni işə düzələnə qədər heç bir maddi sıxıntı çəkməyəcək. Bu isə çox önəmli bir məsələdir.
Sonda təklif edərdim ki, Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanına 2018-ci il büdcəsi haqqında qanun layihəsinin “Xərclər bölməsi”ndə dünyasını dəyişmiş Azərbaycanın milli qəhrəmanlarının azyaşlı uşaqlarının sağlamlıq düşərgələrində istirahətlərinin təşkilinə vəsait ayrılsın. Mən də bu qanun layihəsinin lehinə səs verəcəyəm və həmkarlarımı da buna səs verməyə çağırıram. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Tahir Kərimli.
T.Kərimli. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli deputatlar, hörmətli qonaqlar! Mən də təqdim olunmuş qanun layihələrinin təsdiq olunmasının tərəfdarıyam. Hər şeydən əvvəl Hesablama Palatasının rəyi də əsas götürülə bilər, çünki hər iki qanunun büdcə siyasətinə, sosial siyasətə, eyni zamanda, büdcə sisteminin vahid və müstəqillik prinsiplərinə uyğun hazırlandığı qeyd olunub.
Azərbaycan Respublikasının Konstitusiyasının giriş hissəsində ədalətli iqtisadi və sosial həyatın qaydalarına uyğun olaraq hamının ləyaqətli həyat səviyyəsində yaşamaq hüququ tanınıb. Konstitusiyanın 38-ci maddəsində məhz sosial təminat hüququ nəzərdə tutulur. Biz bilirik ki, buna uyğun olaraq Azərbaycanda da hər kəs yaşa, əlilliyə, xəstəliyə, ailə başçısını itirməyə və işsizliyə görə sosial təminat hüququna malikdir. Amma, eyni zamanda, Konstitusiyanın həmin maddəsində sosial təminatı təminetmə metodlarından biri kimi həm də xeyriyyəçilik, könüllü sosial təminat, sosial ianələr və sair də nəzərdə tutulur. Hesab edirəm ki, hamımız birlikdə bu institutların inkişafı ilə də məşğul olmalıyıq. Deməli, nazirlik müəyyən qədər elektron alt sistemlər və müəyyən elektron ekspertiza qaydaları müəyyən edib və bu həm Şərqi Avropada, həm də MDB məkanında qabaqcıl, öncül funksiyalar yerinə yetirə bilir. Bu çox müsbət haldır.
Mən də bir neçə məsələyə toxunmaq istərdim. İndi burada veteranlara və digər məsələlərə toxunuldu. Musa müəllim də ehtiyac meyarı, 116 manatla bağlı danışdı. Ümumiyyətlə, mən elə düşünürəm ki, getdikcə əhaliyə sosial yardımı aradan qaldırmaq lazımdır. Sovet dövründə “uşaq pulu” deyilən bir məsələ özünü tamamilə doğrultmuşdu. Düşünürəm ki, getdikcə daha çox, bir sıra ölkələrdə inkişaf etdirilən və daha ədalətli olan, yəni neçə uşağın varsa, ona uyğun təmin etmək lazımdır. Buna keçmək lazımdır ki, getdikcə subyektiv hallar tamamilə aradan qalxmış olsun.
Biz bilirik ki, Azərbaycanda 1 milyon 300 mindən yuxarı pensiyaçı var. Bu da faiz etibarı ilə çoxdur, hətta Avropanın qocalıqdan əziyyət çəkən dövlətlərinin faiz göstəricilərinə yaxındır. Bunun haqqında düşünməliyik. Siyavuş müəllim də haqlı olaraq dedi ki, bəzən biz veteran və pensiya alanların sayında süni şəkildə artımlara rast gəlirik. Bunun da qarşısını almaq yaxşı olardı.
Eyni zamanda, hesab edirəm ki, peşə məktəblərinin inkişafı üçün vəsaitin artırılması çox yaxşı olardı. Sanatoriya-kurort müalicəsi və göndərişlə bağlı deyilən sözlərə də qoşuluram. Müavinəti təmin etmək üçün bu məbləği artırmağa ehtiyac var.
Bilirsiniz ki, bizdə pensiya yaşının dəyişdirilməsi ilə bağlı məsələlər həll olundu və hesab edirəm ki, bu da beynəlxalq standartlara müəyyən qədər uyğunluq təşkil edir, təcridi bir proses gedir. Eyni zamanda, demək istərdim ki, İşsizlikdən sığorta fondu bəzən qurum, struktur kimi nəzərdə tutulur və belə anlaşılır ki, məşğulluq xidməti bununla məşğul olacaq. Ona görə də sosial müdafiə sistemi və məşğulluq xidmətinə uğurlar arzulayıram və bu qanunun qəbul edilməsinin tərəfdarıyam. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Əflatun Amaşov.
Ə.Amaşov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli həmkarlar, hörmətli qonaqlar, dəyərli media nümayəndələri! Mən də təklif olunan layihəyə səs verəcəyəm. Həqiqətən də, son illər Azərbaycanda ayrı-ayrı vətəndaş qruplarının sosial müdafiəsinin təşkili ilə bağlı kifayət qədər işlər görülüb. Hadi müəllim də, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini də bu barədə geniş danışdılar.
Mənim çıxış etməkdə məqsədim bir məsələyə aydınlıq gətirməkdir. 3 il bundan əvvəl deputat seçildiyim Saatlı rayonunda 9 əlil və şəhid ailəsi üçün fərdi yaşayış evlərinin tikintisinə başlanmalı idi. Evlərin bəzilərinin bünövrəsi qazıldı, hətta bəzilərinin həyətinə bir neçə maşın daş da töküldü, ancaq proses bununla da yekunlaşdı. Səbəb də budur ki, Maliyyə Nazirliyi vəsait ayırmır. Mən hər dəfə Saatlıya gedəndə və bu adamlarla görüşəndə məsələni izah etməyə çətinlik çəkirəm. Bu sayaq problemlər nəinki Saatlıda, digər rayonlarda da var. Bilmək istərdim ki, builki büdcədə həmin evlərin inşasına vəsait nəzərdə tutulurmu? Daha doğrusu, maliyyə nazirliyi bu məqsədlə vəsait ayıracaqmı? Bu anlaşılmazlıqdırsa, bunu aradan qaldırmalıyıq, çünki evlərin tikintisini gözləyən insanlar var. Diqqətinizə görə sağ olun.


Azərbaycan Respublikası  Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Sağ olun. Tahir Mirkişili.
T.Mirkişili. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli həmkarlar! Mənim İşsizlikdən sığorta fondu ilə bağlı iki təklifim olacaq. Əvvəla, qeyd edim ki, hörmətli Hadi müəllim bayaq qeyd etdi, yanvarın 1-dən etibarən Azərbaycanda ilk dəfə olaraq “İşsizlikdən sığorta fondu haqqında” Qanun qüvvəyə minəcək. Bu, Azərbaycanda tətbiq olunan yenilikdir, iqtisadi və sosial cəhətdən kifayət qədər yeni bir innovativ layihədir.
Qeyd edim ki, ölkədə ailə təsərrüfatlarının yaradılması ilə bağlı xeyli müddətdir işlər görülür. 2016-cı ilin aprel ayında ölkə Prezidentinin sərəncamı ilə bu istiqamətdə nazirliyə 6 milyona qədər vəsait ayrılmışdı ki, bunun nəticəsində də son bir ildə Azərbaycanda 1200-dən çox ailə təsərrüfatı yaradılmışdır. Ölkə Prezidentinin 2016-cı ilin sonunda imzaladığı Strateji Yol Xəritəsində 2025-ci ilə qədər Azərbaycanda ümumi daxili məhsulda ailə təsərrüfatlarının payının 60 faizə çatdırılması hədəf kimi qoyulmuşdur.
Qeyd edim ki, bütün Avropa ölkələrinin əksəriyyətində bu gün həm işsizlikdə, həm də ümumi daxili məhsulda ailə təsərrüfatının rolu kifayət qədər böyükdür. Bu 60–65, bəzən 70 faizə yaxındır. Azərbaycanda bu gün ailə təsərrüfatlarının ümumi daxili məhsulda rolu təxminən 5 faiz, iş ilə təminatda isə payı təxminən 10 faizə yaxındır. Ona görə hesab edirəm ki, belə bir fondun fəaliyyəti üçün ayrıca vəsaitin nəzərdə tutulması kifayət qədər mühüm haldır. Əgər nəzərə alsaq ki, 6 milyon vəsaitə 1200-ə qədər təsərrüfat yaradılıb, onda 36 milyon vəsaitin ayrılması, yəqin ki, 8000-dən çox təsərrüfatın yaradılmasına şərait yaradacaqdır.
Bununla bağlı iki təklifim var. Bayaq hörmətli həmkarlarım da qeyd etdilər, Azərbaycanda ən ciddi məsələlərdən biri əlillərin sosial həyata inteqrasiya olması və onların işlə təminatı ilə bağlıdır. Bu gün elə ixtisaslar var ki, onlara Azərbaycanda çox böyük ehtiyac var. Mən onların biri haqqında xüsusi olaraq demək istəyərdim. Bu gün Azərbaycanda informasiya kommunikasiya texnologiyalar sahəsində cəmi 1500 proqramçı çalışır. Amma Azərbaycanda proqramçıya olan ehtiyac təxminən 20 min nəfərin üzərindədir. Məhz bu boyda böyük bir vakansiyanın aradan qaldırılması üçün... Qeyd etmək lazımdır ki, kompüterdə işləmək üçün fiziki əmək tələb olunmur. Əlillərin yenidən ixtisasının dəyişdirilməsi və proqramçı və informasiya kommunikasiya texnologiyası sahəsinə cəlb olunması onların yüksək maaşlı işlə təmin olunmasına şərait yarada bilər ki, bununla bağlı fondun xərclərində 1 milyon 613 min manat nəzərdə tutulub. Mən nazirlikdən xahiş edərdim ki, bununla bağlı xüsusi bir layihə nəzərdə tutsunlar.
İkinci mühüm bir məsələ ondan ibarətdir ki, bu gün elan olunan bütün vakansiyalarda iş təcrübəsi ilə bağlı xüsusi bəndlər var. Bu gün ali təhsil müəssisələrini qurtaran tələbələrin əksəriyyətinin iş tapmasında ən böyük problem onların təcrübəsinin olmaması ilə bağlıdır. Yəni tələb olunan vakansiyalarda iş təcrübəsi qoyulur, amma tələbələr təcrübələri olmadığına görə iş tapmaqda çətinlik çəkirlər. Biz araşdırmışıq, qonşu ölkələrin əksəriyyətində bununla bağlı xüsusi proqramlar var. Yəni əgər hər hansı bir hüquqi şəxs təcrübəsi olmayan tələbəni işə götürürsə, bəlli bir müddət ərzində onların maaşını sığorta fondu ödəyə bilir. Bununla bağlı təklif edərdim ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi gələcəkdə belə xərclərin İşsizlikdən sığorta fondunun smetasına salmaq üçün xüsusi bir proqram hazırlasın. Diqqətinizə görə minnətdaram. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Sədaqət Vəliyeva.
S.Vəliyeva. Çox sağ olun, Ziyafət müəllim. Söz verdiyiniz üçün təşəkkür edirəm. Qeyd etmək istərdim ki, çox gözəl büdcədir, bir zamanlar bunu arzu edə bilərdik. Lakin bu arzularımız bu gün cənab Prezidentimiz İlham Əliyev tərəfindən aparılan Heydər Əliyev siyasətinin böyük təntənəsidir desək, yanılmarıq. Mən büdcə layihəsinə səs verəcəyəm.
Bir neçə fikrimi sizinlə bölüşmək istəyirəm. Xahiş etmək istəyərdim ki, əlilliyin verilməsi məsələsinə bir qədər diqqət verək. Bu gün online olaraq verilən əlillik çox böyük narazılıq törədir. Ona görə çox xahiş edərdim ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən bu məsələyə bir daha baxılsın.
İkincisi, deyəcəyim məsələ əlillərin reabilitasiyası ilə bağlıdır. Olur ki, insanlar sağalırlar, artıq onlara əlillik verilməsinə ehtiyac yoxdur. Onların əlillik dərəcəsinin götürülmə məsələsinə diqqəti yönəltsək, çox yaxşı olar.
Üçüncü bir xahişim var. Bu, həbs yerlərində müalicə kursuna başlamış, yəni vərəmin davamlı formalarına yoluxmuş insanların müalicəsi məsələsidir. Onların bəzilərinin iki ay, bəzilərinin üç ay, beş ay vaxtı qalıb. Bu gün qlobal fond tərəfindən o insanlara yol pulu olaraq 50–70 manat arasında yardım göstərilir ki, onlar gəlib tibb işçisinin nəzarəti altında dərmanları qəbul etsinlər. Lakin yanvar ayından ola bilsin, o müavinət kəsiləcək. Bunlar 20–22 nəfər civarındadırlar, bu da ildə 15–20 min manata qədər pul edir. Mən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən çox xahiş edirəm ki, əgər mümkün olarsa, onlara kömək göstərilsin.
Sonra, qeyd etmək istəyirəm ki, bu gün bir valideynini itirmiş uşaqlara 110 manat müavinət verilir. İki valideynini itirərsə, bu, artıq 55 manata endirilib. Mən çox xahiş edərdim, bu müavinətin verilməsinə bir daha nəzər salınsın. Bəlkə burada bir dəyişiklik etmək olar. Çünki hər iki valideynini itirmiş uşaqlara verilən 55 manat çox az vəsaitdir. Diqqətinizə görə təşəkkür edirəm. Qanun  layihəsinə səs verəcəyəm.
Sədrlik edən. Sağ olun, Sədaqət xanım, təşəkkür edirəm. Saat 4-ə qədər fasilə.

(FASİLƏDƏN SONRA)

Azərbaycan Respublikası  Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Gündəliyin 4-cü məsələsi Azərbaycan Respublikasının 2018-ci il üçün yaşayış minimumu haqqında qanun layihəsidir. Buyursun Ziyad Səmədzadə.
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Əvvəla, Oqtay müəllim, Sizə dərindən təşəkkürümü bildirmək istəyirəm ki, 3 gün ərzində 2018-ci il dövlət büdcəsinin parametrləri barədə çox ətraflı müzakirələr oldu və qaldırılan məsələlər bir-biri ilə əlaqədar idi. Onlardan biri də ölkə üzrə yaşayış minimumudur. Hesablamalara görə 2018-ci il üzrə proqnoz 173 manat müəyyən edilir. Eyni zamanda, bilirsiniz ki, əmək qabiliyyətli əhali, pensiyaçılar, uşaqlar üçün yaşayış minimumu 2017-ci ilin təsdiq edilmiş büdcəsindən 11 faiz çoxdur. Yəni ildən-ilə imkanlar daxilində yaşayış minimumu göstəricisinin artması təmin olunur. Ona görə də təqdim olunan qanun layihəsini təsdiq etməyi sizdən xahiş edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Buyursun Fazil Mustafa.
F.Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Cənab Sədr, bayaqki məsələ ilə bağlı yazıldığıma görə icazə versəniz, o məsələ ətrafında danışardım. Deməli Sosial Müdafiə Fondunun büdcəsi ilə bağlı Hesablama Palatasının parlamentə təqdim etdiyi məlumatlardan da aydın olur ki, sığorta edənlər tərəfindən hesablanacaq əmək haqqı gəlirlərinin məbləği üzrə 9,5 milyard manat olmalıdır. Bu da gələn ilin planlaşdırılan ümumi daxili məhsulunun təxminən 13,8 faizi edir. Beynəlxalq İqtisadi Əməkdaşlıq Təşkilatının statistik göstəricilərinə görə bu təşkilata üzv olan ölkələrdə əmək haqqı xərclərinin ümumi daxili məhsulda payı 40–50 faiz intervalında dəyişir. Bizdə həmin səviyyədən az qala 4 dəfə gerilik var. Mən istərdim, hökumət nümayəndələri bir açıqlama versinlər ki, iqtisadi baxımdan bunun əsaslandırılmış bir izahı varmı?
Bir də, bayaq millət vəkili hörmətli Qüdrət Həsənquliyev çıxış etdi və o, hərdən qəribə məsələlərə toxunur. Bildirdi ki, bizdə qidalanma göstəricisinə görə uşaqların 6 faizinin boy artımı aşağı düşüb və Avropa ölkələrində bu daha yüksək göstəricidir. Mən bir dəfə də qeyd etmişdim, bizim məsələyə yanaşma fəlsəfəmiz dəyişməlidir. Ötən dəfə qeyd etmişdim, bizdə birdəfəlik doğuş üçün verilən sosial müavinət 45 manat, amma kənd təsərrüfatında hər buzova görə verilən subsidiya 100 manatdır. Yəni buzovla uşağın fərqini biz, həqiqətən də, ortadan qaldıra, ən azı, bərabərləşdirə bilsək, qida göstəricisinə görə uşaqların sağlamlığı problemini həll etmək imkanımız yəqin ki, yerində olar.
Digər vacib bir strateji məsələ kənd təsərrüfatı işçilərinin pensiya təminatı ilə bağlıdır. Pensiya qanunvericiliyinə edilən son dəyişikliyə görə artıq burada da iş stajı xeyli dərəcədə əhəmiyyətini itirib. Pensiya hüququnu qazanmaq üçün pensiyaya çıxmaq istəyən insanlar müvafiq yaşa çatdıqda sığorta hesablarında qüvvədə olan minimum pensiya səviyyəsində sığorta haqqı toplamalıdırlar. İndi gəlin, nəzər yetirək, qüvvədə olan qanunvericiliyə görə torpaq payı olan insanlar hər hektar torpağa görə fonda torpağın kateqoriyasından asılı olaraq ildə minimum əmək haqqının 2–12 faizi arasında dəyişən məbləğdə sığorta haqqı ödəməlidirlər. Diqqət edəndə görünür ki, indiki 110 manatlıq minimum pensiya səviyyəsində sığorta yığımını təmin etmək üçün həmin fermerlərə heç 500 il də yetərli deyil, nəinki onların maksimum ödəyə biləcəyi 50 il.
Aydındır ki, 16 yaşından əmək ehtiyatlarına daxil olan insan artıq 65 yaşında pensiyaya çıxır. Dünyanın bir çox ölkələrində, o cümlədən qonşu Türkiyə və İranda kənd təsərrüfatı işçilərinin pensiya yığımına və təminatına diferiansal yanaşma var. Məsələn, yüksək maaş alan mədən sənayesi işçisi ilə strateji sahədə çalışan, amma əməyinin dəyəri mədən işçisindən 10 dəfələrlə az olan fermerin pensiyaya çıxmaq hüququna fərqli yanaşma tətbiq edilir. Nəzərə alaq ki, Azərbaycanda məşğul əhalinin 45 faizə qədəri kənd təsərrüfatı ilə bağlıdır və 100 minlərlə insanın pensiya təminatı risk altındadır.
Digər bir vacib məsələ. Uşaqların hüquqlarının qorunması ilə bağlı bizdə bir ciddi qanunvericilik bazası yaradılıbdır. Nazirlər Kabinetinin qərarı var. Həmin qərarda göstərilir ki, ictimai nəqliyyatdan istifadə edən 5 yaşına çatmamış uşaqlar nəqliyyatdan pulsuz istifadə edirlər, 5–10 yaş arası uşaqlar isə biletin yarı qiymətini ödəyirlər. “BakuBus” çox faydalı işlər görür, nəqliyyatın yükünü xeyli azaldıb. Yaxşı işləri var, amma sürücülər bunu nəzərə almırlar və bu uşaqlardan da ödəniş haqqı tələb edirlər. Mən istərdim ki, bu məsələyə də diqqətimiz yönəlsin.
Sonra, pensiya qanunvericiliyinə əsasən yığım komponenti tətbiq edilməli və insanlar pensiya yaşına çatmadan vəfat etdikdə onların yığım fondundakı pensiya ödənişləri vərəsələrinə çatmalı idi. Bu mexanizmin taleyi necə oldu? Bu sual da hamımızı düşündürməlidir, çünki elə insanlar var ki, pensiya varisliyini qorumaq üçün müəyyən çətinliklər çəkirlər. Bunu həll etmək ümumi borcdur.
Bir də, bizim Hesablama Palatasının rəyində hesab edirəm ki, bu, yer almalı idi. 2018-ci ildə qeyri-büdcə təşkilatları ilə sığorta haqlarında 200 milyon manat artım proqnozlaşdırılması nəzərdə tutulursa, bunun hansı hissəsinin qeyri-neft sektoruna, hansı hissənin özəl sektor hesabına təmin ediləcəyi fondun büdcə layihəsində, izahda mütləq qeyd olunmalıdır. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Elman Nəsirov.
E.Nəsirov. Cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Bu bir həqiqətdir, hər kəs bilir ki, cənab Prezident İlham Əliyevin yeritdiyi siyasətin mərkəzində Azərbaycan vətəndaşı, onun sosial rifahı dayanır. Elə bu məntiqlə çıxış edərək deyirik ki, büdcəmiz sosialyönümlüdür. Eyni zamanda, müharibə veteranlarına, müharibə əlillərinə, şəhid ailələrinə sosial qayğı, onlara dəstək dövlətimizin siyasətinə çox mühüm bir istiqamətdir. Hər zaman da bu istiqamətdə müəyyən dəyişikliklər baş verir, yeni addımlar atılır, təkmilləşdirmələr gedir.
Elə bu məntiqdən çıxış edərək mən çıxışımda bir məsələni diqqətinizə çatdırmaq istəyirəm və hesab edirəm ki, bu, xüsusilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və müvafiq qurumların diqqətini cəlb edəcək. Ölkəmizdə 109 nəfər milli qəhrəman var. Onlar ərazi bütövlüyümüzün müdafiəsində çox böyük rəşadət, qəhrəmanlıq göstəriblər və cənab Prezident tərəfindən bu ada layiq görülüblər. Onlardan şəhid olanlar da var və sağ qalan da. Şəhid olanların ailəsinə və eyni zamanda, sağ olan milli qəhrəmanlara hər ay dövlətimiz 1300 manat vəsait ayırır. Bu çox gözəldir və bu istiqamətdə işlər getməkdədir.
Mənim bugünkü çıxışımda əsas məsələ onunla bağlıdır ki, rəşadət, qəhrəmanlıq göstərmiş və “Azərbaycan bayrağı” ordeni almış 293 nəfər əsgərimiz, zabitimiz olub. Bu gün onların böyük bir qismi sağ-salamat yaşayırlar. Mənə ünvanlanmış məktublarda qeyd edirlər ki, milli qəhrəmana ayda 1300 manat vəsait verilir, amma “Azərbaycan bayrağı” ordeni almış qəhrəmanlara bir manat da verilmir. Çox xahiş edirlər ki, bu məsələ müvafiq qurumların diqqətinə çatdırılsın. Onlar da qəhrəmanlıq göstəriblər, onlar da rəşadət göstəriblər. Həm də bu bir örnəkdir ki, “Azərbaycan bayrağı” ordeni almış şəxs, elə milli qəhrəmana bərabər bir vəziyyətdir. Onlara da müəyyən aylıq ödənişlərin həyata keçirilməsini xahiş edirlər. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Mən fikir vermədim, İdris İsayev buradadır. Arxada oturub, yerini dəyişib. Çox çıxışlar oldu. İmkan verək, İdris müəllim çıxışlarda səslənən suallara cavab versin, sonra o biri məsələnin müzakirəsinə keçək. Buyurun.
İ.İsayev. Çox sağ olun, cənab Sədr. Mən hörmətli millət vəkillərinə dəyərli fikirlərinə görə təşəkkür edirəm və bəzi sualları qısa da olsa cavablandırmağa çalışacağam.
İlk növbədə mən hörmətli Vahid müəllimin qaldırdığı bir neçə məsələyə münasibət bildirmək istəyirəm. Deməli, Vahid müəllim tamamilə düz qeyd etdi ki, dövlət büdcəsindən Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə, eyni zamanda, Dövlət Neft Fondunun büdcəsinə transfert ayrılır. Amma mən bir şeyi bildirmək istəyirəm ki, bu ayrılan transfertlər bir-birindən həm iqtisadi mahiyyətinə, həm də fəlsəfəsinə görə fərqlidir. Çünki dövlət büdcəsindən Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə ayrılan transfert pensiya təminatı sistemində sığorta prinsiplərinə əsaslanmayan və dövlət tərəfindən qarşılanmalı olan xərclərin maliyyələşdirilməsinə yönəldilən vəsaitdir.
Bilirsiniz ki, cənab Prezident tərəfindən “2014–2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası” təsdiq edilmişdir. Həmin konsepsiyanın əsas müddəalarından biri də məhz bu xərclərin, bu maliyyə mənbələrinin bir-birindən ayrılmasıdır. Hörmətli millət vəkillərimizin qəbul etdiyi “Əmək pensiyaları haqqında” Qanuna dəyişikliklər edilməsi barədə 2017-ci ilin 1 iyulunda qüvvəyə minən Qanunun 6-cı maddəsində artıq bu öhdəliklər bölünmüşdür. Qeyd edim ki, bu öhdəliklər 3 qrupa bölünür. 1992-ci ilin yanvarın 1-dək formalaşmış pensiya məbləği. Bilirsiniz ki, sosial sığorta haqları 1992-ci ilin yanvarın 1-dən tətbiq olunmuşdur. Hətta bu gün pensiya yaşı çatmış şəxslərə pensiya təyin edilərkən 1992-ci ilədək dövrə pensiya kapitalının formalaşdırılan məbləği mövcuddur. Təxminən ilkin hesablamalara görə bu məbləğ 1 milyard 200 milyon manat civarındadır.
İkinci istiqamət haqqında onu deyim ki, dövlət büdcəsi bunu qarşılamalıdır. Bu, xüsusi kateqoriyadan olan şəxslərin əmək pensiyasına ödənilən əlavələrdir. Bunlar hərbi qulluqçular, dövlət qulluqçuları, eyni zamanda, millət vəkilləri və digər kateqoriyadan olan şəxslərdir. Bu şəxslərin, bilirsiniz ki, əmək pensiyasına əlavələr ödənilir. Bu məbləğ də kifayət qədər yüksəkdir, 430 milyon manatdan artıqdır.
Üçüncü istiqamət barədə də qeyd edim ki, dövlət büdcəsi bu vəsaiti də qarşılamalıdır. Bu, əmək pensiyasının vaxtı ilə baza hissəsi, indi isə pensiya əlavəsi formasında 200 mindən artıq kateqoriyadan olan şəxslərə ödənilən vəsaitdir. Bu da təxminən 60 milyon manat edir. Əgər bu vəsaitləri toplasaq, görərik ki, bu gün bizim büdcəmizə ayrılan vəsaitdən kifayət qədər yüksəkdir. Əgər vaxtı ilə belə bir maliyyə mənbələrinin ayrılması, yəni fərqləndirilməsi prinsipi tətbiq olunsa idi, bu gün pensiya fondu formasında böyük investisiya yatırımı həyata keçirən təşkilata çevrilmiş olardı.
Mən çıxışımda da qeyd etdim, çox əfsuslar olsun ki, bu gün biz bu prinsiplərin tətbiq edilməsi üçün müəyyən dəqiqləşdirmələr aparmalıyıq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Maliyyə Nazirliyi ilə bir yerdə bu məlumatların dəqiqləşdirilməsi və onların elektron qaydada izlənilməsi və onun dəyişməsinin qiymətləndirilməsinin həyata keçirilməsi barədə qərar qəbul etmişdir. Bu dəqiqləşdirmələr aparılanadək qalıq prinsipi ilə pensiya büdcəsinin tərtib edilməsi qərarlaşdırılmışdır. Bu gün siz ilk dəfə olaraq görürsünüz ki, layihədə “dövlət büdcəsindən ayrılan transfert” sözləri yoxdur. Burada Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının büdcəsinin balanslaşdırılması məqsədi ilə pensiya sistemində dövlət öhdəliklərinin qarşılanması üçün yönəldilən vəsait kimi redaksiya verilmişdir.
İkinci məsələni həm Əli müəllim, həm Vahid müəllim, həm də Musa müəllim qaldırdı. Bu, minimum pensiya  kapitalı ilə bağlıdır. Bilirsiniz ki, 2017-ci ilin 1 iyul tarixində əmək pensiyaları sistemində ciddi islahat tədbirləri həyata keçirilmişdir. Pensiyanın sığorta stajına olan tələbi aradan qaldırılmışdır. Əvvəl belə idi ki, 12 il sığorta stajı var idisə, pensiya yaşına çatmışdısa, həmin şəxsə pensiya təyin edirdik. Amma iyulun 1-dən bu tələb dəyişmişdir. Sığorta staji tələbi aradan götürülmüş, onun əvəzinə minimum sığorta kapitalı tələbi qoyulmuşdur.
Eyni zamanda, burada qeyd olundu ki, müəyyən insanlar bu kapitalı toplamırlar, ona görə belə insanlar sosial müavinət almağa məcburdurlar. Amma onu da deyim ki, qanuna edilən dəyişikliklərə əsasən dövlət sosial sığorta sistemində fərdi hesabı olan sığorta olunanlara xüsusi hesabın açılması və orada həmin vəsaitin əlavə olaraq ödənilməsi imkanları verilmişdir. Tutaq ki, bir şəxs pensiya yaşına çatıb, amma onun fərdi şəxsi hesabında minimum məbləğ yoxdur. Belə olduğu halda pensiya sistemi ona birdəfəlik qaydada çatmayan vəsaiti ödəmək və yaxud da əmək fəaliyyətini davam etdirib sığorta kapitalını artırmaq təklifini edir. Əlbəttə ki, minimum sığorta kapitalı toplandıqdan sonra ona pensiya məbləği ödəniləcəkdir.
Yaddan çıxarmaq lazım deyil ki, pensiya sistemi sığorta prinsiplərinə əsaslanır, sosial yardım sistemi deyil. Burada alt sistem əmək haqqıdır. Biz çalışmalıyıq ki, vətəndaşlarımızın, işləyən şəxslərimizin əmək haqları yüksəlsin ki, onlar gələcəkdə daha çox pensiya kapitalı toplamış olsunlar.
Burada Əli Məsimli tərəfindən qaldırılmış məsələlərdən biri işsizlikdən sığorta ilə bağlıdır. Bilirsiniz ki, yanvar ayının 1-dən “İşsizlikdən sığorta haqqında” Qanun qüvvədədir. Həmin qanunun müddəalarına diqqət yetirsək, görərik ki, qanunun əhatə dairəsi tam ifadə olunmuşdur. Dünyanın 72 ölkəsində işsizlikdən sığorta sistemi tətbiq olunur. Sığorta sisteminin tətbiqində əsas mahiyyət ondan ibarət deyil ki, biz bu şəxslərə sığorta ödənişi verək. Bu şəxslərə iş yerini itirdiyi müddət ərzində sığorta ödənişi verilməlidir, lakin çalışmalıyıq ki, həmin şəxs yenidən əmək bazarına qayıtmış olsun. Peşəsini, ixtisasını dəyişməklə, əlavə təhsil verməklə biz o şəxsləri əmək bazarına qaytarmalıyıq. Dünyada da belədir. Əgər bu iki komponent qarşılıqlı işləmirsə, sığorta sisteminin səmərəlilik göstəricisi də aşağı olur.
Əlbəttə, işsizlikdən sığorta ödənişi o şəxslərə, ödəniləcək ki, onlar öz iradələrindən asılı olmayaraq iş yerlərini itirmişlər. Yəni bu sığorta sistemində sığorta hadisəsi həmin şəxslərin iradəsindən asılı olmayaraq baş verməlidir. “İşsizlikdən sığorta haqında” Qanunda bu, dəqiq ifadə olunub. Yəni söhbət nədən gedir? Söhbət iş yerlərinin ixtisarından, müəssisələrin ləğvindən gedir. Əgər bu halda şəxs öz iş yerini itirmişsə, o sığorta ödənişi alacaqdır. “İşsizlikdən sığorta haqında” Qanunda dəqiq ifadə olunmuşdur ki, digər hallarda həmin şəxslər aktiv məşğulluq tədbirlərinə cəlb olunacaqlar. Eyni zamanda, işsizlikdən sığorta ödənişinin maksimum və minimum həddi də qanunvericilikdə müəyyənləşdirilmişdir. Minimum hədd minimum əmək haqqından aşağı deyildir. Maksimum hədd isə ölkə üzrə orta aylıq əmək haqqı həddində müəyyən edilmişdir.
Burada qeyd edildi, məşğulluq orqanlarının aparatının saxlanmasına İşsizlikdən sığorta fondundan əhəmiyyətli vəsait ödənilir. Əgər buna diqqət yetirsək, görərik ki, iki peşə tədris mərkəzinin tikintisi ilə bağlı xərclər burada nəzərə alınmışdır. Əvvəlki illərdə də bilirsiniz ki,  məşğulluq xidməti orqanları dövlət büdcəsindən maliyyələşirdi. Əgər siz bu rəqəmləri müqayisə etsəniz, əhəmiyyətli dərəcədə artım görməyəcəksiniz. Sadəcə, burada artım qeyd etdiyim peşə tədris mərkəzlərinin tikintisi ilə bağlıdır.
Sosial müavinətlərin, digər ödənişlərin az olması ilə bağlı məsələ qaldırıldı. Bilirsiniz ki, sosial müdafiə tədbirləri iki qrupa bölünür: Aktiv sosial müdafiə tədbirləri, passiv sosial müdafiə tədbirləri. Bizim siyasətimiz passiv sosial tədbirlərdən aktiv sosial tədbirlərə keçidin təmin edilməsidir. Məsələn, ünvanlı sosial yardım proqramı passiv sosial müdafiə tədbiridir, amma özünüməşğulluq proqramı aktiv sosial müdafiə proqramıdır. Hazırda bu proses həyata keçirilir. Əgər ünvanlı sosial yardım alan ailələrin içərisində əmək qabiliyyətli şəxslər varsa, biz onları özünüməşğulluq tədbirlərinə cəlb etməliyik. Yəni onlara ünvanlı sosial yardım verməməliyik. Bu nöqteyi-nəzərdən bu kateqoriyalar dəqiqləşdirilməlidir. Burada sosial müavinətlərin unifikasiyası həyata keçirilməlidir və sərbəstləşmiş vəsaiti biz sosial müavinətlərin artırılmasına, xüsusilə ilə əlillərlə bağlı məsələlərə yönəltməliyik.
Qüdrət müəllim və digər deputatlarımız uşaq müavinəti ilə bağlı məsələ qaldırdılar. Nəzərinizə çatdırmaq istəyirəm ki, bu gün müzakirənizə təqdim olunmuş büdcədə yalnız işləyən şəxslərlə münasibətdə doğulan uşaqlara ödənilən müavinətlərdən söhbət gedir. Siz əgər  sosial müavinətlərin tərkibinə diqqət yetirsəniz görərsiniz ki, müzakirə  etdiyimiz qanunda 7 milyon 200 min manat vəsait nəzərdə tutulub. Amma 10 milyon manat da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə işləməyən şəxslərin övladlarının dünyaya gəlməsinə görə ödənilir. Yəni bu vəsait 7 milyon deyil, 17 milyon manat təşkil edir.
 Hamiləliyə və doğuma görə verilən müavinətlərlə də bağlı burada fikirlər söylənildi. Bu, Əmək Məcəlləsinin tələbindən irəli gəlir. Ödənişli müavinətdir və qazancın 100 faizi məbləğində ödənilir. Digər məsələlərə biz, əlbəttə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində baxacağıq və millət vəkillərimizə müvafiq cavabları verəcəyik. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, İdris müəllim. İki millət vəkili yazılmışdı. Əli Məsimli buyursun.
Ə.Məsimli. Çox sağ olun, cənab Sədr. Büdcə müzakirəsi zamanı ən çox səsləndirilən məsələ əmək haqqının qaldırılması ilə bağlıdır. Amma əmək haqqını əsaslı olaraq qaldırmaqdan ötrü yaşayış minimumundan başlamaq lazımdır. Yaşayış minimumu qaldırılmırsa, əmək haqlarının qaldırılması məsələsi havadan asılı  bir vəziyyətə düşür. Bu gün rəqəmlərdən çıxış edəndə ictimaiyyəti bir neçə sual maraqlandırır. Birinci sual ondan ibarətdir ki, ehtiyac meyarı olan 116 manatla, yaxud da yaşayış minimumu  olan 173 manatla 1 ay yaşamaq olarmı? Təbii ki, olmaz. Bəs neçə gün yaşamaq olar? Bunun üçün, sadəcə, bir dəfə bazara getmək kifayətdir.
Növbəti sual ondan ibarətdir ki, bəs ehtiyac meyarı və yaşayış minimumu nə qədər olmalıdır? Bunu müxtəlif kontekslərdən ifadə etmək olar. Avropanın ən geri qalmış ölkələrinin yaşayış minimumunu məsələn, Bolqarıstanı götürsək, bizim yaşayış minimumu onlardan 2,5 dəfə aşağıdır. MDB-də yalnız Rusiya bizdən 1,7 dəfə qabaqdadır, qalanların göstəriciləri bizdən aşağıdır. Yəni bu bütövlükdə MDB məkanının bəlası olan bir məsələdir ki, ona az diqqət yetirilir. Ona görə ki, hesablama qaydası qədimdən qalmadır və bunu müasir dövrün tələblərinə cavab verməyən üsullarla hesablayırlar. Bu nöqteyi-nəzərdən qaldırdığım 2 suala cavab verməkdən ötrü bəzi məqamlara diqqət yetirmək gərəkdir.
Oqtay müəllim, görmüsünüz ki, həmişə ehtiyac meyarının yaşayış minimumuna çatdırılması məsələsini qaldırmışıq. Hökumət də həmişə deyib ki, biz onu çatdıracağıq. İndi gəlin, baxaq. 2015-ci ildə ehtiyac meyarı yaşayış minimumunun 80 faizi səviyyəsində idi, amma indi 68 faizi səviyyəsindədir. Niyə? Ona görə ehtiyac meyarı qaldırılmır ki, o saat ünvanlı sosial yardım alanların sayı artacaqdır.
Bəs bu məsələdə diqqət edilməli cəhət nədir? Rəsmi statistikaya görə bizdə yoxsulluq 5–6 faizdir. Şəki–Zaqatala zonasını götürmüşəm, ayda 250–300 manat gəliri olan ev təsərrüfatları 10 faiz, 300 manatdan artıq olanlar  10 faiz, 173 manata qədər olanlar isə  30 faizdir. Deməli, biz yaşayış minimumuna və ehtiyac meyarına  çox həssas yanaşmalıyıq. Bu məsələni aradan qaldırmasaq, mümkün deyil. Ona görə də bunun hesablanmasında müasir tələblərə cavab verən metodologiyadan istifadə edilməlidir. Burada istehlak bazarının qiymətləri, bazarda gedən proseslər, inflyasiya nəzərə alınmalıdır.
Yaşayış minimumunun əsasını təşkil edən minimum istehlak səbətini 3 ildən bir hesablamazlar. 3 ilə o nə qədər dəyişir? Misal üçün, 2015-ci ilə qədər qiymətlər neçə idi? Devalvasiyadan sonra istehlak qiymətləri ən azı 50 faizdən çox, 1,5–2 dəfə artıb. Belə bir şəraitdə sual olunur, mənbələr haradan tapılsın? Mənbələri haradan tapmaq məsələsi ondan ibarətdir ki, iqtisadi  azadlıqlara geniş yer vermək, yerlərdə kiçik və orta sahibkarlığın inkişafına maneələri aradan qaldırmaq, qanunla qadağan olunmayan bütün istiqamətlərdə azad sahibkarlığa, təşəbbüskarlığa geniş meydan vermək... Azərbaycanlının mentaliteti o səviyyədədir ki, əgər ona sərbəstlik bir balaca dəstək verilsə, ona mane olunmasa, – daha doğrusu, mane olmamaq özü də böyük dəstəkdir, – yerlərdə kifayət qədər adamlar var ki, özünü də dolandıra bilər, ailəsini də. Beləliklə, büdcəyə xeyli vergi verər ki, artıq bizim yaşayış minimumunu da, ehtiyac meyarını da qaldırmaqdan ötrü xeyli vəsaitimiz olar.
Bu məsələlərə diqqət edilsə, hesab edirəm ki, sonrakı mərhələlərdə əmək haqlarının xeyli qaldırılmasına imkan yaranar. Azərbaycanın potensialı xeyli yüksəkdir və Azərbaycana yaraşmır ki, yaşayış minimumu orta əmək haqqından 3 dəfə aşağı olsun. Bunu xeyli dərəcədə qaldırmaq olar. Diqqətinizə görə təşəkkür edirəm.  
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S.Novruzov. Oqtay müəllim, təşəkkür edirəm. Bir neçə kəlmə də sosial təminatla bağlı demək istəyirdim. Həmkarlarım da hərtərəfli şəkildə bu məsələlərə toxundular. MDB ölkələrinə baxanda bizdə pensiya sisteminə keçidin özündə yeniliklər çoxdur, yeni addımlar atılıb, yığım hissəsi  müəyyənləşib. Azərbaycan artıq 26 ildir müstəqildir. Biz o vaxt buna keçsəydik, indi çoxdan müəyyən problemlər həll olunardı. 1 milyon 300 min pensiyaçının təminatı, pensiyaların artırılması ilə bağlı işlər də çox rahat, qaydasında gedərdi. Amma indi də gec deyil, artıq başlanılıb və bu sistem həyata keçir.
Burada bir məsələ xüsusilə diqqəti cəlb edir və bununla bağlı həddən artıq müraciətlər olur. Bizdə “ağır işlər” silsiləsi qeyd olunanda burada, əsasən, kimya zavodlarında və digər belə sahələrdə işləyənlər nəzərdə tutulur. Bu da işləyən əhalinin təxminən 2–3 faizini əhatə edir. Lakin elə sahələr var ki, o, nəzərdə tutulmayıb.
Keçmişdə belə idi, bir tikinti idarəsində 25 il ardıcıl şəkildə fəaliyyət göstərmisənsə, pensiyaya çıxmaq hüququn var idi. Bu gün tutalım, 50-dən yuxarı yaşı olan bir insan tikintidə işləyirsə, təbii ki, o ağır işin öhdəsindən gələ bilmir. Sahibkara da yeni, güclü işçi qüvvəsi lazımdır. O baxımdan da onun üçün o qədər maraqlı deyil ki, bu cür işçiləri cəlb etsin. Onların da pensiya təminatı 65 yaşından sonra başlayır. İndi 63 yaşındakı adam gündə neçə dənə kubik qaldırmalı, nə qədər beton tökməlidir ki, gəlib o pensiya yaşına çatsın? Ona görə də məcbur qalıb müxtəlif yollarla əlillik alır və pensiyaya çıxır. Bunların sayı da getdikcə artır. Mən hesab edirəm ki, bu cür kateqoriyalı insanların siyahısı dəqiqləşdirilməlidir, çünki bu, 20–30 faizdən  yuxarıdır.
Azərbaycanda geniş tikinti sektoru var. İş yerlərinin böyük hissəsi oranı əhatə edir, vaxtı ilə də əhatə edib. Yollar çəkilir, körpülər, evlər tikilir, yeni parklar, bağlar salınır, təmir tikinti işləri gedir. Nəticə etibarı ilə də bu insanlar hansı yaş kateqoriyasında pensiyaya çıxmalıdır? Təbii ki, müəllim 60, 65 yaşında təzə-təzə fəaliyyətə başlayır, ali məktəblərdə doktorluğunu müdafiə edir və sair. Onunla biz tikintidə işləyən fəhləyə eyni yaş qoyuruq. O, işləyə-işləyə özünü necə bu yaşa çatdırsın və pensiyaya çıxsın? Ona görə də bu təbəqənin də hüquqlarını nəzərə almalıyıq.
Bir də, ünvanlı sosial yardımlarla əlaqədar neqativ hallar xeyli dərəcədə aradan qaldırılıb. Amma mənə elə gəlir ki, biz bunun kateqoriyasının dəyişməsini də düzgün müəyyənləşdirməliyik. Yəni hər ay minimum əmək haqqı həcmində ünvanlı sosial yardım verilməsi ilə yox, kiçik biznes sahəsi, ailə üçün, fermer təsərrüfatı yaradılması üçün o ailəyə bu vəsait birdəfəlik verilir. Bu nəzarət altında həyata keçirilir ki, artıq o özü qazansın, ələ baxımlılıqdan uzaq olsun. Bu sistem seçilməlidir. Yoxsa ələbaxımlıq sistemi əsasında hər ay bu qədər müavinət ayıraq ki, ünvanlı sosial yardımdır, bu illərlə uzanıb gedəcək, səmərəsi də olmayacaq. Ona görə gələcəkdə bunların da nəzərə alınması  ümumi sosial təminatın əsasını təşkil edə bilər. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova buyursun.
S.Həsənova, Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini.
Çox sağ olun. Cənab Sədr, mən Əli müəllimin yaşayış minimumu ilə əlaqədar suallarını cavablandırmaq istərdim. Əli müəllim ilk növbədə yaşayış minimumu ilə əmək haqqı arasındakı əlaqələrə toxundu. Bildirmək istəyirəm ki, yaşayış minimumunun artırılıb-artırılmamasından asılı olmayaraq əmək haqlarının artımları baş verir. Azərbaycan Respublikasında həm özəl, həm də dövlət sektorunda müxtəlif səviyyəli əmək haqqı sistemləri mövcuddur. Həm yüksək əmək haqları mövcuddur, həm də nisbətən aşağı əmək haqları ödənişi həyata keçirilir ki, bu da yaşayış minimumu ilə, ümumiyyətlə, bağlı deyil. Yəni rəsmi olaraq əmək haqqının qaldırılmasına heç bir məhdudiyyət yoxdur.
Eyni zamanda, hörmətli millət vəkili yaşayış minimumu metodologiyasına toxundu. Bildirmək istəyirəm ki, Azərbaycan Respublikasında yaşayış minimumu 2004-cü ildə Milli Məclis tərəfindən qəbul olunmuş “Yaşayış minimumu   haqqında” Qanuna əsasən hesablanır və hər il Milli Məclis tərəfindən təsdiq olunur. “Yaşayış minimumu  haqqında” Qanuna əsasən  yaşayış minimumu minimum istehlak səbətinin dəyərindən və icbari ödənişlərdən ibarətdir. Minimum istehlak səbəti ərzaq, qeyri-ərzaq və xidmətlərin toplusundan ibarətdir. İcbari ödənişlər isə vergilərin və icbari ödənişlərin toplusundan ibarətdir ki, hazırda Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən yaşayış minimumu qədər fiziki şəxslərin gəlir vergisi azaddır. Yəni bu vergi bizim icbari ödənişlərimizə daxil deyil. Eyni zamanda, sosial sığorta üzrə işləyənlərin ödədiyi icbari ödəniş bura daxildir. Milli Məclisdə qəbul olunmuş “İşsizlikdən icbari sığorta haqqında” Qanuna əsasən 2018-ci ildən bu sığorta haqqını da yaşayış minimumuna daxil etmişik. 
Hörmətli millət vəkilimiz çox düzgün qeyd etdi. Bu qanuna əsasən yaşayış minimumunun tərkibinə 3 ildən bir baxılmalıdır. İqtisadiyyat Nazirliyi Elmlər Akademiyasından, Səhiyyə Nazirliyindən, eyni zamanda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən və digər qurumlardan nümayəndələr  cəlb etməklə buna hər 3 ildən bir yenidən baxır. 2005, 2009 və 2014-cü illərdə yeni səbətin tərkibi Azərbaycan Respublikasının Nazirlər Kabineti   tərəfindən təsdiq olunmuşdur. Hazırda İqtisadiyyat Nazirliyində müvafiq elmi təşkilatların nümayəndələri ilə birgə komissiya yaradılmışdır və biz yenidən buna baxırıq.
Eyni zamanda, Dünya Bankının da ekspertlərini cəlb etməklə bu səbətin və bu metodikanın ekspertizasını keçiririk. İlkin olaraq Dünya Bankı ilə apardığımız müzakirələrə əsasən Azərbaycanda tətbiq olunan mütləq yoxsulluğun ölçülməsi üçün yaşayış minimumunun tətbiq olunma və hesablanma metodikası tamamilə beynəlxalq təcrübəyə uyğundur. Sadəcə, bu sahədə bir neçə üsul mövcuddur. Nisbi yoxsulluq, mütləq yoxsulluq və çoxölçülü yoxsulluq metodlarından istifadə olunur ki, hazırda biz Azərbaycanda mütləq yoxsulluğun hesablanmasını həyata keçiririk.
Nisbi yoxsulluq ölkədə olan yoxsulluğun vəziyyətinə yox, əhalinin bir-birinə nisbətdə gəlirlərinin nə dərəcədə bölüşdürülməsi prinsipinə, konsepsiyasına əsaslanır. Bu, əsasən, inkişaf etmiş və gəlirləri yüksək olan ölkələrdə tətbiq olunur. Bunun da öz problemləri var ki, 2008-ci ildə iqtisadi böhran zamanı bir sıra Avropa ölkələrində bunu müşahidə etdik. Baxmayaraq ki, iqtisadi vəziyyətləri zəifləmişdi, pisləşmişdi, yoxsulluq səviyyələri isə onların əksinə yaxşılaşmışdır, yəni aşağı düşmüşdü. Bu da nisbi yoxsulluğun hesablanması nəticəsində baş vermişdir.
Azərbaycan kimi ölkələrdə bütün ekspertlər ilk növbədə mütləq yoxsulluğa üstünlük verməyi tövsiyə edirlər ki, biz də buna riayət edirik. Eyni zamanda,  istehlak səbətinin tərkibinin keyfiyyətinə gəldikdə burada  ərzaq səbəti enerji dəyəri ilə ölçülür. FAO-nun tövsiyəsinə görə adambaşına bu, gündəlik orta hesabla 2300 kilokalori olmalıdır. Bizim səbətimizin  enerji dəyəri 2420-dir, yəni bu tövsiyədən də yüksəkdir.
Eyni zamanda, Əli müəllim məbləğlə bağlı məsələ qaldırdı ki, bununla ailə necə yaşaya bilər. Bildirmək istəyirəm ki, bizdə yaşayış minimumu adambaşına hesablanır və təsdiq olunur. Dövlət Statistika Komitəsinin məlumatına əsasən Azərbaycanda orta ailə tərkibi 4,7 nəfər təşkil edir. Biz bunu cəmləsək, bütün ailəyə orta hesabla aylıq 813 manat vəsait düşür ki, hesab edirəm, bu vəsaitlə yaşamaq mümkündür.
Əli müəllim çıxış yollarını da qeyd etdi. Tamamilə razıyam ki, hər bir ölkədə əhalinin sosial müdafiəsi üçün ilk növbədə iqtisadi inkişaf öndə getməlidir. Cənab nazir Şahin müəllim tərəfindən plenar iclasda büdcə müzakirəsi zamanı iqtisadi inkişafla bağlı dövlət başçısı və hökumətin tapşırığı ilə həyata keçirilən islahatlar, görülən tədbirlər və növbəti ildə əldə olunacaq proqnozlar barədə çox ətraflı məlumat verilmişdir. Bir daha qeyd etmək istəyirəm ki, bizim ən əsas inkişaf hədəflərimiz də məhz elə iqtisadiyyatımızı, qeyri-neft sektorumuzu inkişaf etdirmək, onu diversifikasiya etmək, bu inkişafı sürətləndirmək və sahibkarlara münbit biznes mühiti yaratmaqdır ki, bu da hər il Duinq biznes hesabatlarında, eyni zamanda, qlobal rəqabət qabiliyyəti üzrə dərc olunan reytinqlərdə çox obyektiv olaraq qiymətləndirilir.
Günün birinci yarısında Musa Quliyev  bir neçə məsələni qeyd etdi, onlara toxunmaq istərdim. Gündəlik qazancı 2 dollar olanların mütləq yoxsulluğunu və müvafiq müavinətlərin çox aşağı olmasını qeyd etdi. Bildirmək istəyirəm ki, Dünya Bankının  dünya üzrə orta alıcılıq qabiliyyəti paritetinə uyğun olaraq tövsiyə etdiyi ifrat yoxsulluq dərəcəsi 1,9 dollar günlük hədlə müəyyənləşir və bu alıcılıq qabiliyyəti paritetinə əsasən hesablanır. Bu nə deməkdir? Yəni o 1,9 dollarla ABŞ-da nə alına bilir və bunun müqabilində digər ölkələrdə nə alına bilər? 1,9 dollar alıcılıq qabiliyyəti paritetinə əsasən Dünya Bankının 2016-cı ildə Azərbaycan üçün müəyyən etdiyi indeks 0,36-dır – 0,68 manat edir. 30 gündə bu, 20 manatdan bir qədər çox edir ki, bizim əlillərə verilən müavinətlər bundan yüksəkdir.
Hörmətli millət vəkilimiz çox düzgün qeyd etdi ki, 5 manat müavinət var, müavinətlərin sayı azaldılmalıdır. Bildirmək istəyirəm ki, artıq ilk addımlar atılmışdır və artıq bizdə 5 manatlıq müavinət mövcud deyil. Minimal müavinət hazırda 12 manat təşkil edir ki, hesab edirəm, növbəti mərhələlərdə büdcə imkanları çərçivəsində bunların qaldırılması həyata keçiriləcəkdir. Diqqətinizə görə təşəkkür edirəm. 
Sədrlik edən. Sağ olun. Hörmətli millət vəkilləri, deyəsən, tənəffüsdən sonra bir az yorulmuşuq. Xahiş edirəm, çıxış eləyəndə bir az diqqətli olaq. Bəxtiyar Əliyev.
B.Əliyev. Təşəkkür edirəm, cənab Sədr. Sevinc xanımın çıxışına diqqətlə qulaq asdım, bir sual meydana gəldi. İstəyirdim ki, onunla bağlı aydınlaşdırma olsun, çünki “Yaşayış minimumu haqqında” Qanunda kateqoriyalar göstərilir. Ölkə üzrə 173 manat, əmək qabiliyyətli əhali üçün 183, pensiyaçılar üçün 144, uşaqlar üçün 154 manatdır. Sevinc xanım deyir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə bir ailəyə 4,7 insan düşür və bu da təxminən müəyyən bir məbləğ edir.
Ailədə 1 nəfər – ata işləyir, ana evdar qadındır və 3 məktəbli uşaq var. Sizin hesabladığınız məbləğ var. Atanın qazancı 400–500 manatdır, o məbləğdən bunu çıxsaq, yerdə 300, ya da 400 manat qalır. O necə ödənilir? Bu zaman necə olur və burada hansı siyasət həyata keçirilməlidir? Yox, əgər 4–5 nəfərdən ibarət ailə üzvləri hər biri 500 manat qazanırsa, o məbləğdən artıqdırsa, bəlkə o məbləğdən tutulub, kimə çatmır onlara verilməlidir? Buna bir az aydınlıq gətirmək lazımdır.
Statistik rəqəmlər gətiriləndə, əlbəttə ki, ölkədə adambaşına düşən ümumi daxili məhsuldan da çıxış etmək lazımdır. Ölkədə çox böyük işlər görülür. Ölkə iqtisadiyyatı artır və əmək məşğulluğu üçün çox böyük layihələr həyata keçirilir. O layihələrin səmərəlik indeksi haqqında yəqin ki, burada məlumat verilməli idi və deyilməli idi ki, bəli, kifayət qədər layihələr həyata keçirilib və bunların nəticəsində o ailələr bu qazancları əldə etməli idilər. O cümlədən regionların inkişafı ilə bağlı böyük dövlət proqramları həyata keçirilib və kənd təsərrüfatı sahəsində çalışan insanların həm əmək haqqı, həm də pensiya təminatı üçün kifayət qədər güclü iqtisadi əsaslar yaradılmalı idi.
Amma biz bu gün nəyi müşahidə edirik? Bəli, çox düzgün olaraq cənab Prezidentin tapşırığı oldu ki, hər bir rayon icra hakimiyyəti öz işi,  həmin rayona cəlb olunan investisiyalar, rayonun özü tərəfindən yaradılan iş yerləri və orada yığılacaq, yerli büdcəni formalaşdıracaq vergilər barəsində məlumat versin. Mən hesab edirəm ki, bu çox ədalətlidir və İqtisadi İnkişaf Nazirliyi də məhz bu istiqamətdə görülən işlər haqqında hesabat verməli və bu işlərə nəzarəti gücləndirilməlidir ki, o layihələrin nəticəsində əldə olunan gəlirlər hər bir ailəyə gedib çata bilsin. Ona görə mənim üçün o hesablama, hörmətli Sevinc xanımın sonda dediyi 4,7 rəqəmi bir az qaranlıq qaldı. Yəqin ki, gələcəkdə buna baxarlar, aydınlıq gətirərlər ki, ailədə bir nəfər işləyirsə, qalanları işləmirsə, bu məsələlər necə olmalıdır? Diqqətinizə görə təşəkkürlər.
Sədrlik edən. Sevinc Həsənovaya mikrofon verin.
S.Həsənova. Çox sağ olun. Hörmətli Bəxtiyar müəllim çox maraqlı məqama toxundu. Sadəcə, aydınlaşdırmaq istəyərdim ki, 173 manat əmək haqqı deyil, bir adam üçün orta hesabla bir ayda yaşam xərcidir. Ailədə də 4,7 nəfər varsa, orta hesabla 173 götürəndə, həm pensiyaçıların, həm uşaqların, həm də əmək qabiliyyətli əhalinin sayından bura gəlmişik. Bu, orta hesabla 4,7 nəfərlik ailəyə yaşayış minimumumu çərçivəsində düşən məbləğdir. Bu o demək deyil ki, bu onun əmək haqqıdır. Çox düzgün sual qoyulub ki, bunun fərqini dövlət necə ödəyir? Bunun üçün də Azərbaycanda ehtiyac meyarı müəyyənləşir və ehtiyacı olan ailələrə ünvanlı sosial yardım göstərilir.
Eyni zamanda, biz, əlbəttə ki, yaşayış minimumunun məbləğini daha çox artırmaq istərdik və Azərbaycanda yaşayış səviyyəsini daha yüksəklərə qaldırmaq bizim həm məqsədimiz, həm də arzumuzdur. Lakin həm metodika, həm də hazırki imkanlar çərçivəsində bu qədəri tövsiyə olunmuş, mövcud qanunvericiliyə uyğun olaraq hesablanıb təqdim olunmuşdur. Əlbəttə, hər bir ailənin yüksək, layiqli əmək haqqı əldə etməsi bizim ümdə məqsədimizdir. Bunun üçün də mən qeyd elədim, müvafiq iqtisadi islahatlar, iqtisadiyyatın sürətli inkişafı layiqli iş yerləri deməkdir.
Eyni zamanda, qeyd elədiyiniz ehtiyacı olan insanlarla bağlı məsələyə Siyavuş müəllim çox düzgün qiymət verdi və İdris müəllim də qeyd elədi ki, biz bunun həllini “İşsizlikdən icbari sığorta haqqında” Qanunun çərçivəsində daha da sürətləndirəcəyik. Bu, özünüməşğulluq sisteminin yaradılmasıdır ki, insanlar həm ələ baxımlılığa öyrədilməsin, həm də onların daha yüksək gəlir əldə etmək imkanları dövlət tərəfindən dəstəklənsin. Buna da hesab edirəm ki, növbəti illərdə daha çox diqqət yetirəcəyik. Təşəkkür edirəm. 
Sədrlik edən. Sağ olun. Sevinc xanım, bu yaşayış minimumu hesabat rəqəmidir. Amma  söylədiklərinizdən elə çıxdı ki, bu hesabat rəqəmi ilə 4 nəfərlik ailə ayda 800 manat alacaq. Ona görə belə fikirlər yarandı. Əlbəttə, biz də çox istərdik ki, yaşayış minimumunu imkan daxilində artıraq. Bunun üzərində işlər gedir, Allah qoysa, yaşayış minimumu da müəyyən həddə gəlib çatacaq.
Sonuncu məsələmiz 2018-ci il üçün Ehtiyac meyarının həddi haqqında qanun layihəsidir. Hadi müəllim, buyurun.
H.Rəcəbli. Yaşayış minimumu deyilən rəqəmin müzakirəsində bizim komitə də iştirak edib. Yaşayış minimumu rəqəmi istehlak səbətinə uyğun və digər məsələlərin cəmindən əmələ gəlir. Burada da, əlbəttə, hesablamalar var. Amma ehtiyac meyarı bir məqsədə – ünvanlı yardımı ödəmək üçün hansısa bir rəqəmin nəzərdə tutulmasına xidmət edir. Sözün əsil mənasında, yadınıza gəlirsə, bütün müzakirələrdə həmişə səslənib ki, “ehtiyac meyarı” rəqəmi götürülsün, bir rəqəm – “yaşayış minimumu” rəqəmi olsun. Əlbəttə, bunun elmi, praktik əsası yoxdur, amma bütün hallarda ölkəmizdə ünvanlı yardım sistemi olduğuna görə bu rəqəm mövcuddur.
Oqtay müəllim, gələcək müzakirələrin qarşısını almaq üçün mən bir neçə fikir səsləndirmək istəyirəm. Məndə 15 ilin təhlili var. Bizdə 2015–2016-cı illərdə ehtiyac meyarı “105 manat” olub, dəyişməyib. 2017-ci ildə “116 manat” olub, gələn il üçün də 116 manat nəzərdə tuturuq. Yoldaşlar bayaq müqayisə elədilər ki, bu, yaşayış minimumunun neçə faizi edib. Bu müqayisələri səsləndirmək istəmirəm, amma bütün müzakirələrin mahiyyətində bir məsələ səsləndi ki, biz passiv sosial müdafiədən aktiv sosial müdafiəyə keçmə haqqında düşünürük. Belə olan təqdirdə, əlbəttə, bu rəqəm çox təqdirəlayiqdir, düzgündür. Hesab edirəm ki, bu rəqəmi dəstəkləməliyik. Düşünürəm ki, gələcəkdə özünüməşğulluq sisteminin yaranması ilə bu məqbul rəqəm kimi ortada ola bilər. Düşünürəm ki, buna səs vermək olar. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Sağ olun, bu günlük büdcənin müzakirəsini bitiririk. Ayın 1-də hökumətin büdcə ilə bağlı axırıncı hesabatı olacaq və biz büdcənin qəbuluna baxacağıq. Sağ olun.

 


 
EDİLMƏMİŞ
ÇIXIŞLARIN MƏTNLƏRİ

23 noyabr 2017-ci il
_________________________________________________________

Elşad Həsənov. Hörmətli Sədr, hörmətli millət vəkilləri, hörmətli hökümət üzvləri, hörmətli media nümayəndələri! 2017-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına nəzər saldıqda, bu müddəti ölkəmiz üçün uğurlu və dayanıqlı inkişaf dövrü kimi səciyyələndirmək olar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələri bu sahədə çevik və effektiv siyasəti müəyyən etdi.  Qlobal miqyasda böhranın yaşandığı bir vaxtda iqtisadiyyatın tərəqqisinə nail olmaq fundamental iqtisadi strategiya tələb edir. Biz 2017-ci ildə əldə edilmiş müsbət iqtisadi nəticələri qarşıdan gələn 2018-ci ildə yeni səviyyəyə çıxarmalayıq. Bu baxımdan 2018-ci ilin dövlət büdcəsi yeni iqtisadi hədəfləri müəyyən edən əsas sənəddir.
2018-ci ilin dövlət büdcəsinin diqqət çəkən məqamı onun sosialyönümlü olmasıdır. Yəni təqaüd və əmək haqlarının ödənilməsi,  yeni tibb və təhsil ocaqlarının inşa edilib istifadəyə verilməsi xüsusi önəm daşıyır. Belə ki, sosial müdafiə və sosial təminata 2 milyard 197 milyon manat, təhsil sahəsinə isə 2 milyard 498 milyon manat ayrılır. Bu da 2017-ci illə müqayisədə təhsilə 11,2 faiz daha çox vəsaitin ayrılması deməkdir. 
Təhsil xərcləri üçün ayrılmış vəsaitin 54,1 faizi ümumi təhsil xərclərinin, 31,4 faizi təhsil sahəsində digər müəssisə və tədbirlərin, 8,7 faizi isə məktəbəqədər təhsil xərclərinin maliyyələşdirilməsinə yönəldiləcək. Bu rəqəmlər təhsilin prioritet sahə olduğunu isbatlayır. 2018-ci ilin dövlət büdcəsindən elm sahəsinə ayrılan vəsaitin həcmi də artırılıb. Gələn il elm xərclərinə 2017-ci illə müqayisədə 8 faiz daha çox vəsait ayrılacaq. Bu xərclər fundamental elmi tədqiqatların və elmi işlərin maliyyələşdirilməsinə yönəldiləcək. Bu rəqəmlər elm və təhsilin prioritet sahə olduğunu sübut edir.
Eyni zamanda, ölkəmiz üçün həyati əhəmiyyət daşıyan müdafiə xərcləri də 2018-ci ilin büdcəsində yüksək səviyyədədir – 2 milyard 738 milyon manat. Beləliklə, 2018-ci ilin dövlət büdcəsini balanslaşdırılmış büdcə hesab etmək olar.
Nəzərə almaq lazımdır ki, iqtisadiyyatımız üçün böyük əhəmiyyət daşıyan neftin qiyməti də son zamanlar tədricən və inamla artır. Düşünürəm ki, bu tendensiya da iqtisadiyyatımıza əlavə stimul verəcək. Büdcəyə daxil olacaq əlavə vəsaitlər ilk növbədə sosial sahəyə və qeyri-neft sektorunun inkişafına yönəldilməlidir. Belə ki, sosial sahə cəmiyyətimiz üçün ən həssas sahədir. Qeyri-neft sektoru, o cümlədən özəl sahibkarlıq iqtisadiyyatımızın gələcəyidir.
Bu gün ölkə rəhbərliyi iqtisadi sahədə ardıcıl tədbirlər həyata keçirir. Möhtərəm Prezident cənab İlham Əliyevin 2017-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda verdiyi tapşırıqlar bizim üçün əsas fəaliyyət istiqamətidir. Yəni yerli istehsalın dəstəklənməsi, qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi, sahibkarlığın stimullaşdırılması bu qəbildəndir.
Məlum olduğu kimi, cari il ərzində Azərbaycanın qeyri-neft ixracı artıb və düşünürəm ki, bu tendensiya sahibkarlığın dəstəklənməsinin məntiqi yekunudur. Ölkənin qeyri-neft sektoru inkişaf edir. Cari il ərzində qeyri-neft iqtisadiyyatımızın artımı 2,5 faiz təşkil edib, xarici ticarət dövriyyəmiz isə 7 faiz artıb. Dünya bazarlarında Azərbaycan məhsullarına getdikcə daha çox tələbat yaranır. İxrac olunan kənd təsərrüfatı və sənaye məhsulları dövlət büdcəsinə daha çox gəlir gətirir.
Eyni zamanda, turizm də inkişaf edir. Ötən ilin dekabr ayında möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sərəncamı ilə Mədəniyyət və Turizm Nazirliyi nəzdində yaradılmış Milli Turizm Təbliğat Bürosu bu sahənin inkişafına öz töhfəsini verəcəkdir.
2015-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul edilən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanun ölkəmizin iqtisadi həyatının canlandırılması işində səmərəli bir addım oldu. Bu sənəd yerli sahibkarlığın, xüsusən də orta və kiçik sahibkarlığın inkişafının stimullaşdırılmasına birbaşa münbit zəmin yaratdı. Cənab Prezidentin sahibkarlıq sahəsində aparılan yoxlamaların 2021-ci il yanvarın 1-dək dayandırılması barədə son təşəbbüsü isə sahibkarlığa yeni stimul verəcək.
İndiki məqamda insanları qayğılandıran sosial məsələlərin həlli ən prioritet məsələlərdən biridir. Bu işə yalnız dövlət qurumlarının cəlb edilmədiyi də nəzərə alınmalıdır. Bu mənada Heydər Əliyev Fondunun xüsusi rolunu qeyd etmək lazımdır. Bu gün Heydər Əliyev Fondu yalnız elm, təhsil, mədəniyyət və ətraf mühit sahəsində deyil, həmçinin sosial sahədə də geniş fəaliyyət göstərir. Bu isə əhalinin geniş təbəqələrinin maraqlarına birbaşa cavab verir.
2018-ci ilin icmal büdcəsində sosial müdafiə xərcləri 2017-ci illə müqayisədə 20 faiz artırılıb. İcmal büdcənin böyük hissəsi sosial müdafiə sahəsinə yönəldilib. 2018-ci ilin dövlət büdcəsində xərclərin 33,5 faizi sosial müdafiə sahəsinə ayrılıb. Əvvəlki illərdə isə bu göstərici təqribən 26–28 faiz arasında idi. Eyni zamanda, qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi xərcləri 49,5 faiz artırılıb.
Bu gün Azərbaycanda köklü iqtisadi islahatlar aparılır. İdarəetmə strukturu təkmilləşdirilir, qeyri-neft sektoru inkişaf edir, yeni, transmilli layihələr işə düşür. “Azəri–Çıraq–Günəşli” yataqları üzrə yeni neft sazişinin imzalanması, Bakı–Tbilisi–Qars dəmir yolunun açılışı və digər əlamətdar hadisələr Azərbaycan iqtisadiyyatına yeni güc qatacaq.
Millət vəkili kimi təmsil etdiyim Yasamal rayonuna dair bir təklif də irəli sürmək istərdim.Yasamal rayonunun inkişafı barədə danışarkən, rayonda sosial evlərin tikintisini xüsusi qeyd etmək olar. Ölkə Prezidenti cənab İlham Əliyev Yasamal Yaşayış Kompleksində doqquzmərtəbəli binanın və məktəb binasının təməlqoyma mərasimində iştirak etmişdir. Yasamal rayonunda  sosial evlərin tikintisi bu sahəyə verilən böyük önəmi əyani şəkildə nümayiş etdirir. Düşünürəm ki, sosial evlərin tikintisi gözəl təşəbbüsdür və bu, davam etdirilməlidir. Belə ki, Yasamal əhalisi və ümumiyyətlə, paytaxt sakinləri sosial evlərə böyük maraq göstərir. Məhz buna görə Yasamalda yeni sosial yaşayış komplekslərinin tikintisi imkanı nəzərdən keçirilməlidir. Dövlət büdcəsinə əlavə vəsait daxil olacağı təqdirdə, bu maliyyəni bu cür sosial layihəyə yönəltmək çox düzgün addım olardı.
Bu gün müzakirə etdiyimiz 2018-ci ilin dövlət büdcəsi real və optimal bir büdcədir. Büdcə sosial, təhlükəsizlik və ölkəmiz üçün digər mühüm meyarlara cavab verir. Gələn ilin büdcəsi son zamanlar beynəlxalq aləmdə gedən iqtisadi proseslər və ölkə rəhbərliyinin əldə etdiyi iqtisadi nailiyyətləri nəzərə almaqla hazırlanıb. Büdcənin tərtibi zamanı insan amili, əhalinin maddi rifahının daha da yaxşılaşdırılması və dövlətin təhlükəsizliyinin təmini əsas götürülüb. Bütün bunlar 2018-ci ilin büdcəsinin ölkədə makroiqtisadi sabitliyi və inkişafı təmin edəcəyini düşünməyə əsas verir. Bunları nəzərə alaraq həmkarlarımı 2018-ci ilin dövlət büdcəsi layihəsinə dəstək verməyə çağırıram. Diqqətinizə görə təşəkkür edirəm.
Sədaqət Vəliyeva. Hörmətli həmkarlar, məlum olduğu kimi, son illərdə dünyada iqtisadi proseslərin xüsusiyyətləri kifayət qədər dinamik formada dəyişməkdədir. Belə bir şəraitdə müşahidə edilən əsas meyillər kimi enerji daşıyıcılarının qiymətindəki nisbi sabitlik, dünya üzrə iqtisadi templərə təsir edəcək iqtisadi risklərin spektrinin genişlənməsi, geosiyasi proseslərin yaratdığı təlatümlər və sair qeyd edilməlidir. Bütün bunların fonunda isə biz Azərbaycanda dinamik inkişafın göstəricilərini də müşahidə etməkdəyik. Elə bu göstəricilər də öz əksini 2018-ci ilin dövlət büdcəsində tapmaqdadır.
Gələn ilin büdcəsinin başlıca istiqamətləri isə ölkə iqtisadiyyatının inkişaf tempinin qorunub saxlanmasını, sosial-iqtisadi islahatların daha dinamik şəkildə davam etdirilməsini, əhalinin maddi rifahının təmin olunmasını və sosial şəraitinin yaxşılaşdırılmasını, investisiya qoyuluşlarının həyata keçirilməsini, iqtisadiyyatın diversifikasiyasını və digər tədbirləri özündə əks etdirəcək.
Ümumi aparılmış təhlillər göstərir ki, 2018-ci ilin büdcəsində gəlirlər ötən ilə nəzərən təxminən 20 faiz artıb, 20 milyard 127 milyon manat təşkil edir. Həmçinin müqayisə apardıqda görürük ki, dövlət büdcəsində gələn il üçün nəzərdə tutulmuş sosial müdafiə xərcləri 2017-ci illə müqayisədə 193 milyon manat çoxdur. Yəni gələn il də dövlət büdcədən sosial xərclərə daha çox yer verir. Bu mənada, hökumət vətəndaşların sosial rifah halını nəzərə alaraq maaş və təqaüdlərin, eyni zamanda, digər sosial ödənişlərin artırılması planını da həyata keçirəcək. Bütün bunlarla yanaşı, yaşayış minimumunun artırılaraq 173 manata çatdırılması da müəyyən mənada insanların gəlirlərinin artırılmasına təsirini göstərəcəkdir.
Bütün bunlarla yanaşı, müəyyən məsələlərlə bağlı təkliflərimi də diqqətinizə çatdırmaq istərdim. Belə ki, gələn ilin dövlət büdcəsi layihəsində ümumi səhiyyə xərcləri təxminən 740 milyon manat nəzərdə tutulmuşdur. Ötən illə müqayisədə təxminən 6 milyonluq azalma müşahidə edilməkdədir. Buna baxmayaraq, burada müsbət məqam ondan ibarətdir ki, dövlət xəstəxanalarının maddi-texniki bazasının möhkəmləndirilməsinə əlavə 10 milyon manat ayrılmışdır. Eyni zamanda, sevindiricidir ki, “Talassemiya ilə mübarizəyə dair 2015–2020-ci illər üçün Dövlət Proqramı”nın icrasının maliyyələşdirilməsi üçün 10,6 milyon manat ayrılıb. Hətta vərəmlə mübarizə üzrə tədbirlərin icrası üçün ayrılan vəsait ötən illə müqayisədə 2 dəfə – 1,1 milyon manat artırılaraq 2,1 milyon manata çatdırılıb. Məhz bu xüsusda həbsxanalardan azad edilmiş və vərəm xəstəliyinə yoluxmuş təxminən 22–25 nəfərin müalicəsinin izlənilməsi və yekunlaşdırılması üçün onların da dövlət maliyyələşməsinə alınmasını istərdik. Bu isə təxminən ayda 1250 manat, ildə isə 15 min manat edir.
İkinci məsələ isə valideyn himayəsindən məhrum olmuş azyaşlılara dövlətin ödədiyi müavinətin artırılması ilə bağlıdır. Bilirsiniz ki, uşaq valideynlərindən birini itirdikdə özünə və digər valideynə ümumilikdə 110 manat verilir. Lakin uşaq hər iki valideynini itirdikdə 55 manat verilir. Belə çıxır ki, uşaq hər iki valideynini itirdikdə ona cəmi 55 manat müavinət verilir. Düşünürəm ki, bu məsələyə da baxılmalı və müavinətin məbləğində, verilmə müxanizmində dəyişikliklər edilməlidir.
Digər tərəfdən, mən hörmətli Baş nazir cənab Artur Rasizadəyə və baş nazirin müavini cənab Abid Şərifova öz təşəkkürlərimi çatdırmaq istəyirəm ki, onlar vərəmlə mübarizədə iki tibb müəssisəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi, işinin təkmilləşdirilməsi və müasir avadanlıqlarla təmin olunması haqqında müraciətimizə həssaslıqla və diqqətlə yanaşdılar.
Eyni zamanda, Nazirlər Kabinetinin rəsmilərinin iclasda iştirak etməsini əsas gətirərək xahiş etmək istərdim ki, “Xəstələrin qidalanması normaları haqqında” Nazirlər Kabinetinin 1993-cü il tarixli qərarında müəyyən təkmilləşmələr aparılsın, bu məsələyə yenidən baxılsın.
Bununla bərabər, mən əmək və əhalinin sosial müdafiəsi naziri cənab Səlim Müslümovdan xahiş etmək istərdim ki, əlillik dərəcələrinin verilməsi mexanizmlərinə yenidən baxılsın. Bununla əlaqədar konkret təkliflərimiz də vardır ki, onları cənab nazirin diqqətinə təqdim edəcəyik.
Bir sözlə, 2018-ci ildə də dövlət büdcəsinin sosial-yönümlüyünün davam etdirilməsi, əhalinin rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi əsas prioritet istiqamət olaraq saxlanılacaq. 2018-ci il dövlət büdcəsi layihəsində gəlir və xərclərin təhlili göstərir ki, növbəti il üçün əsas maliyyə planı xalqımızın rifahının daha da yaxşılaşmasına və ölkəmizin qüdrətinin yüksəlməsinə, iqtisadi inkişafın davamlılığına xidmət edəcəkdir. Diqqətinizə görə təşəkkür edirəm.

 

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi