2017-ci il 22 noyabr tarixli iclasın stenoqramı

BEŞİNCİ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
VIII  SESSİYASI  İCLASININ

PROTOKOLU № 51

Milli Məclisin iclas salonu.
22 noyabr 2017-ci il.

İclasa Azərbaycan Respublikası Milli Məclisinin
Sədri O.Əsədov  sədrlik etmişdir.

İclasda Milli Məclisin 108 deputatı iştirak etmişdir.

Qeydiyyat (saat 12.05 dəq.)
İştirak edir 93
Yetərsay 83

İclasa dəvət olunmuşlar:

Yaqub Eyyubov, Azərbaycan Respublikası Baş nazirinin birinci müavini.
Abid Şərifov, Azərbaycan Respublikası Baş nazirinin müavini.
Elçin Əfəndiyev, Azərbaycan Respublikası Baş nazirinin müavini.
Əli Əhmədov, Azərbaycan Respublikası Baş nazirinin müavini.
Əli Həsənov, Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri.
İsmət Abasov, Azərbaycan Respublikası Baş nazirinin müavini.
Samir Şərifov, Azərbaycan Respublikasının maliyyə naziri.
Şahin Mustafayev, Azərbaycan Respublikasının iqtisadiyyat naziri.
Kəmaləddin Heydərov, Azərbaycan Respublikasının fövqəladə hallar naziri.
Səlim Müslümov, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri.
Heydər Əsədov, Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri.
Mikayıl Cabbarov, Azərbaycan Respublikasının təhsil naziri.
Oqtay Şirəliyev, Azərbaycan Respublikasının səhiyyə naziri.
Azad Rəhimov, Azərbaycan Respublikasının gənclər və idman naziri.

*    *    *

Rüfət Aslanlı, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsinin Direktorlar Şurasının sədri.
Aydın Əliyev, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri.
Hicran Hüseynova, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri.
Tahir Budaqov, Azərbaycan Respublikası Dövlət Statistika  Komitəsinin sədri.
Kərəm Həsənov, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri.

*    *    *

Elman Rüstəmov, Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin sədri.
Şahmar Mövsümov, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru.

*    *    *

Vüqar Gülməmmədov, Azərbaycan Respublikası Hesablama Palatasının  sədri.
Adil Məhərrəmov, Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini.
Cəfər Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Vaqif Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Firsənd Qurbanov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Mehriban Əlişanova, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Fazil İbrahimov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.

*    *    *

Ağabala Hacıyev, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri.
Şahin Sadıqov, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Maliyyə və iqtisadiyyat məsələləri şöbəsinin müdiri.

 

*    *    *

Sevinc Həsənova, Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini.
Sahib Ələkbərov, Azərbaycan Respublikası vergilər nazirinin müavini.
Əli Abdullayev, Azərbaycan Respublikası  nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini.
Vaqif Əliyev, Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin birinci müavini.
Tofiq Rəfiyev, Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini.
Gülməmməd Cavadov, Azərbaycan Respublikası energetika nazirinin müavini.
Firdovsi Əliyev, Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini.
Səyyad Salahlı, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini.
Niyazi Rəhimov, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi sədrinin müavini.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
2. Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
3. İşsizlikdən sığorta fondunun 2018-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
4. Azərbaycan Respublikasının 2018-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
5. Azərbaycan Respublikasının 2018-ci il üçün ehtiyac meyarının həddi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
6. Azərbaycan Respublikası Milli Məclisinin 2018-ci il üçün xərclər smetası haqqında.
7. Azərbaycan Respublikası Hesablama Palatasının 2018-ci il üçün xərclər smetası haqqında.

Aşağıdakı məsələ müzakirə edilmişdir:

Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Musa Qasımlı, Yevda Abramov,   Kamilə Əliyeva, Şahin İsmayilov, Eldar Quliyev, Ziyafət Əsgərov, Jalə Əliyeva, Əhliman Əmiraslanov, Çingiz Qənizadə, Azər Badamov, Elçin Quliyev, Fuad Muradov, Eldar İbrahimov, Bahar Muradova, Azay Quliyev, Şəmsəddin Hacıyev, Rəşad Mahmudov, Əflatun Amaşov, Tahir Kərimli, Rafiq Məmmədhəsənov, Valeh Ələsgərov, Aydın Hüseynov, Sahib Alıyev, Ağalar Vəliyev, Flora Qasımova,  Samir Şərifov,  Elman Rüstəmov,  Səlim Müslümov

 

Azərbaycan Respublikası
Milli Məclisinin Sədri
O.ƏSƏDOV

 

MİLLİ  MƏCLİSİN  İCLASI

22 noyabr 2017-ci il. Saat 12.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Xoş gördük, hörmətli hökumət üzvləri, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.

Qeydiyyat (saat 12.05 dəq.)
İştirak edir 93
Yetərsay 83

Çox sağ olun, yetərsay var. İclasa başlaya bilərik. Dünənki siyahıya uyğun olaraq müzakirələri davam etdiririk. Musa Qasımlı buyursun.
M.Qasımlı. Hörmətli cənab Sədr, hörmətli hökumət  üzvləri, hörmətli millət vəkilləri!  2018-ci il üçün dövlət büdcəsi layihəsi müvafiq qanuna uyğun olaraq hazırlanmışdır. Cənab Prezidentimiz İlham Əliyev tərəfindən müəyyənləşdirilən və həyata keçirilən ölkə iqtisadiyyatının şaxələndirilməsini, qeyri-neft sektorunun inkişafını, vətəndaşların daha yaxşı yaşaması üçün  bərabər imkanlar yaradılmasını nəzərdə tutduğu və sosialyönümlü olduğu üçün qanun layihəsinin lehinə səs verəcəyəm.
Qeyri-neft sektorunun, bütövlükdə dövlət büdcəsi gəlirlərinin 2017-ci illə müqayisədə 2018-ci ildə  20 faiz artırılmasının nəzərdə tutulması iqtisadiyyatımızın inkişafının göstəricisidir. Gələn il ölkəmizin 33 rayon və şəhərinin dövlət büdcəsindən deyil, öz vəsaiti hesabına özünü təmin etməsi, sadəcə, statistik rəqəm deyil, eyni zamanda, regionlarımızın inkişaf göstəricilərindən biri olmaqla insanlarımızın həyat şəraitinin daha da yaxşılaşdırılmasına kömək edəcək. Bir neçə il sonra özünü maliyyələşdirən rayonlarımızın və şəhərlərimizin sayının daha da artacağına inanıram.
Hörmətli Oqtay müəllim, ölkə həyatı üçün həllini vacib hesab  etdiyim bir neçə məsələni hökumətimizin diqqətinə çatdırmaq istəyirəm. Bildiyiniz kimi, cənab Prezidentimizin müəyyənləşdirdiyi strategiyanın yerinə yetirilməsi sayəsində ölkəmizdə  qida təhlükəsizliyi sahəsində çox böyük işlər görülüb, xaricdən asılılıq azalıb. Bununla belə, hesab edirəm ki, ölkəmizdə yüngül sənaye sahələrinin yaradılması üçün işlərin həyata keçirilməsi zamanı gəlib çatıb. Bunun bir çox xarici amilləri var. Mən burada onları sadalamaq istəmirəm. Yüngül sənaye sahələrinin yaradılması ölkə iqtisadiyyatının inkişafına, yeni iş yerlərinin açılmasına, bir çox sosial problemlərin həllinə və bundan ötrü xammal mənbələrinin axtarılmasına və geniş bazarlara çıxarılmasına gətirib çıxara bilər.
İkinci, hörmətli hökumət üzvlərimiz çox yaxşı bilirlər ki, bu gün dünyada təbii fəlakətlər, zəlzələlər, daşqınlar baş alıb gedir. Bu hallar ölkəmizdən də yan keçməyib. Ona görə xahiş edirəm ki, fövqəladə hallarla, o risklərin aradan qaldırılması ilə bağlı maddələrdə vəsait məsələlərinə bir də baxılsın. Yəni  heç kim bunu əvvəldən proqnozlaşdıra bilməz. Hökumətimizdən bu məsələyə diqqət yetirməyi xahiş edirəm.
Üçüncü, Bakı–Tbilisi–Qars dəmir yolunun işə düşməsi özü ilə bir çox məsələnin həllini gətirib. Bildiyiniz kimi, son bir neçə ildə ölkəmizin dəmir yolu sistemində böyük zəhmət və səylər hesabına qayda-qanun yaradılıb. Hesab edirəm ki, ölkənin bütün dəmir yolu sisteminin müasirləşdirilməsi və müvafiq infrastrukturun yaradılması üçün zəruri olan vəsaitin artırılmasına ehtiyac var. Xüsusilə Şimal–Cənub dəhlizi işə düşəndən sonra digər istiqamətlərin də müasirləşdirilməsinə ehtiyac yaranır.
Hesab edirəm ki, müharibə əlillərinin, şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması üçün nəzərdə tutulan işləri müvafiq icra orqanı  ləyaqətlə yerinə yetirir və görülən işlər insanlar tərəfindən rəğbətlə qarşılanır.  Ancaq ölkəmizdə əhalinin bu həssas təbəqəsinin ehtiyaclarını ödəmək üçün ayrılan  vəsaitin kifayət etməyəcəyi qənaətindəyəm. Biz insanların arasında oluruq və bu ehtiyacların olduğunu görürük. Həm də hesab edirəm ki, məşğulluğun təmin edilməsi məqsədi ilə ayrılan vəsaitlərə bir də baxmağa dəyər.
Bakıda yüzlərlə hündürmərtəbəli binalarda yaşayan sakinlərin çoxunun indiyə qədər öz mənzillərini özəlləşdirə bilməmələrinin  yaxşı bir şey olmadığını hamı bilir. Məncə, geniş özəlləşdirmənin həyata keçirilməsi həm vətəndaşlarımızı  mülkiyyət sahibi edərdi, həm də dövlət büdcəmizə əlavə vəsaitlərin daxil olmasına kömək edərdi.
Çox hörmətli Oqtay müəllim, indi isə seçildiyim 72 saylı Yardımlı–Masallı seçki dairəsindən olan seçicilərimin istəyinə əsasən bir neçə məsələnin həllini hökumətdən xahiş etmək istəyirəm.
Bildiyiniz kimi, relyefi çox çətin olan Yardımlı rayonunda  yol, su, elektrik enerjisi, qaz və digər sahələr ilə bağlı xeyli işlər görülüb. Bununla belə, Yardımlı rayonunun artıq plana salınmış şəhərə bitişik və ya ona yaxın olan Dəlləkli, Ostair, Gavran, Osnakəran, Anzov Abasabad, Hamarkənd, Abbasallı və digər kəndlərin, Masallı rayonunun Güllütəpə ərazi nümayəndəliyinə daxil olan bütün kəndlərin gələn il qazlaşdırılmasının öz həllini tapmasını xahiş edirəm.
Çox hörmətli cənab Prezidentimizin Cəlilabad–Masallı avtomobil yolunun tikintisinə dair sərəncamının yerinə yetirilməsi isə iki rayonun tarixində görünməmiş bir hadisə olmaqla, kəndlərin inkişafına səbəb olacaq, sakinlərin həyat   şəraitini yaxşılaşdıracaq və bir rahatlıq yaradacaq. Bununla yanaşı, hökumətimizdən Yardımlı rayonunun minlərlə insanın yaşadığı Bozayran, Bürzünbül, Bilnə, Dəryavar kəndləri arasında yolların asfaltlaşdırılmasını diqqətdə saxlamasını xahiş edirəm.
Hörmətli cənab Sədr, dövlət büdcə layihəsinin qəbul edilməsinin ölkəmizin və millətimizin xeyrinə olacağına inandığım üçün lehinə səs verəcəyəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Yevda Abramov buyursun.
Y.Abramov. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli millət vəkilləri, dünəndən ölkə həyatında böyük rol oynayacaq çox mühüm bir sənədin müzakirəsinə başlamışıq. İlk növbədə, icazə verin, bu sənədi ərsəyə gətirən hökumətin və Maliyyə Nazirliyinin bütün əməkdaşlarına dərin minnətdarlığımı bildirim. Oqtay müəllim, çıxışa başlamazdan qabaq elan etmək istəyirəm ki, büdcə ilə tanış olandan sonra çox optimist bir enerji ilə bu zala gəlmişəm. Çünki keçən il büdcə müzakirəsində  mənim və bir çox deputatın ümidi belə yox idi ki, builki büdcə bu səviyyədə olacaq. Bunu açıq demək lazımdır. Amma nə yaxşı ki, ölkədə gedən ciddi islahatlar, ulu öndərin başlamış olduğu böyük strateji, iqtisadi inkişaf və cənab Prezidentin uğurla davam etdirdiyi iqtisadi strategiyalar öz bəhrəsini verir.
Büdcə Konstitusiyanın və “Büdcə sistemi haqqında” Qanunun bütün tələblərinə riayət edir.
Əlbəttə, həmişə büdcə ilə bağlı deputatlar öz sözlərini deməlidirlər, çünki büdcə müzakirə obyektidir. Xalqın birillik taleyi, onun maddi rifah halı, iqtisadi inkişaf parametrlərimiz bu büdcənin nə dərəcədə yerinə yetirilməsindən asılıdır. Biz büdcəni heç vaxt tənqid atəşinə tutmamışıq və tuta da bilmərik. Mən Valeh müəllimin bir gözəl sözündən həmişə istifadə edirəm. O həmişə deyir, tənqid etməyə nə var. Amma büdcəni tənqid edərkən bu pulun harada gizləndiyini, onu qazanmaq yollarını göstərin və hər bir deputat  da bu yoldan istifadə edib seçildiyi rayonun problemlərini həll etsin. Bu gün söhbət büdcəyə olan münasibətdən gedir. Büdcə halaldır, əladır, amma buna münasibət dəyişilməlidir.
Dünən qiymətlər haqqında Vahid müəllim çox geniş məlumat verdi. Mən bunun üstündə durmaq istəmirəm, amma  bir neçə kəlmə sözüm var.  Ziyad müəllim çıxışında “sosialyönümlü bazar” və “sosialyönümlü büdcə” sözlərini işlətdi. Dedi ki, bu 2 termin bir-birinə uzlaşmır, bunlar ayrı-ayrı sahələrdir. Amma biz bilirik ki, respublikanın iqtisadiyyatı liberal iqtisadiyyatdır. Biz liberal bazar sistemindəyik. Qiymətləri müəyyən edən tələb və təklifdir. Əgər tələb və təklif gözlənilirsə, dolların manatla ifadəsi və ya dünya bazarında neftin qiymətinin azalması və ya çoxalması qiymətlərə heç bir təsir göstərmir. Halbuki bizim Rusiya və Qazaxıstan kimi qonşularımızda ən azı 18 ədəd strateji ərzaq məhsulu ölkə rəhbərliyinin nəzarətindədir və həmin məhsulların son həddi ölkə Prezidentinin fərmanı ilə müəyyənləşdirilir. Bununla aztəminatlı, maaşa baxan,  təmiz və halal dolanan insanların maddi rifah halı dövlət tərəfindən qorunur. Amma çox təəssüflər olsun ki, bizdə neft 62 dollar olanda da qiymətlər qalxdığı səviyyədə qalır. Bizdə qiymət qalxdımı, enməsi problemdir. Ona görə iqtisadi inkişaf naziri bizim xahişimizi nəzərə alıb bu məsələlərə diqqəti bir az da artırmalıdır. Mən büdcəyə  100 faiz səs verəcəyəm. Rəqəmlər söyləyib burada həmkarlarımı yormaq istəmirəm. Amma  hər bir millət vəkili kimi, mənim də seçildiyim bölgədə bir sıra məsələlər var ki, gələcək illərdə onların həyata keçirilməsi üçün, büdcənin yenidən formalaşdırılması üçün həm hörmətli Samir müəllim, həm də hökumət bu məsələlərə diqqəti artırmalıdırlar.
Birinci növbədə mən Quba–Qonaqkənd–Şamaxı yolu haqqında demək istəyirəm. Mən demirəm ki, 1 il ərzində Maliyyə Nazirliyi bu yolun çəkilməsi üçün birbaşa vəsait ayırsın. Bu, mümkün deyil. Amma hər il mütəmadi olaraq ayrılan vəsait  xərclənir və həmin xərclənmiş vəsait  bu yolun tamamən qurtarması üçün effektli əhəmiyyət daşımır. Ya sel və daşqınlar, ya da yeraltı sular bu görülmüş kosmetik işləri də yerlə yeksan edir. Biz bilmirik, bunun tam layihə gücü nə qədərdir. Məsələn, mən bilmirəm ki, Şamaxı tərəfdən də bu yolun çəkilişinə başlanılıbmı? Amma bu yol başlansa, 50 min insanın yaşadığı 50-dən çox kəndin  rifah halına böyük təsir göstərəcəkdir.
Hökumətin nəzərinə çatdırmaq istədiyim sonrakı məsələ başıbəlalı Quba–Xaçmaz  yoludur. Bu yolu 1 il bundan qabaq söküb dağıdıblar. İndi bilmirəm, “Azərsu” bu məsələdə cavabdehdir, ya yox, amma bu yol Azərbaycanda  ən bərbad yoldur. Bu yolu 1 saata ancaq getmək olur. 300 min əhalinin yaşadığı 2 rayon arasında yeganə yol olan Quba–Xaçmaz yolu bu gün bərbad vəziyyətdədir. Amma biz bundan 3–4 il qabaq “Azəravtoyol”un  Qonaqkənddə yol çəkdiyini görmüşük. Azərbaycanda çox nümunəvi yollar çəkilmişdir. Mənə elə gəlir ki, cənab Prezident gələn ilin əvvəlində yəqin ki, Qubada olacaq, çünki oradakı buraxılış obyektləri  hazırdır. Birdən Prezident bu yolla getsə, biz hansı vəziyyətdə qalarıq?
Digər mühüm bir məsələ. Hökumətin keçənilki hesabatı zamanı Quba aeroportu ilə bağlı məsələ qaldırmışdım. Mən orada bəzi araşdırmalar aparmışam, bu aeroport Naxçıvan və Gəncə  aeroportlarından sonra  Allah qoysa, başa gələrsə, ən rentabelli aeroportlardan biri olacaq. Nəyə görə? Çünki Dağıstan sərhədinə yaxındır, Şahdağ turizm obyektinin yaxınlığındadır və bu gün Moskvadan və digər ölkələrdən gələn sərnişinlərin region üzrə yaşayış faizini götürsək, şimal bölgəsinin sərnişinləri çoxluq təşkil edir. Bir sıra qubalı uşaqların da şəxsi təyyarələrinin bu aeroportda yerə enəcəyini nəzərə alsaq, bu aeroportun rentabelliyi göz qabağındadır. Əgər İsrail–Tel-Əviv–Quba reysi buna əlavə edilsə, iqtisadçılar bu aeroportdan gileylənə bilməzlər.
Başqa bir məsələ də qaz problemidir. Mən həmişə fəxr edirəm ki, bizim 2 deputatımız yüksək vəzifədədir. Bu gün Cavid müəllimin “Azərdəmiryol”da qazandığı böyük uğurlar diqqəti cəlb edir, Rövnəq müəllimin başçılıq etdiyi sahə də həmçinin. Xalqa yaxın olan, xalqın rifah halına xidmət edən belə vəzifələrin deputatlara tapşırılması dünya təcrübəsində də var. Ölkə parlamentlərində bir sıra portfellər deputatlara paylanılır. Mən burada kimin üçünsə portfel davası etmirəm, mənim o yaşım da deyil. Amma bu çox gözəl təcrübədir. Yaxşı, nədədir bu qaz problemi? Qubada hər bir problemi həll etmək olur, bircə bu qaz probleminin öhdəsindən gəlmək olmur. Ona görə mən Əkbər müəllimdən xahiş edərdim ki, bu qaz probleminin həlli üçün Qubada bir müşavirə  çağırılsın ki, biz  deputatlar da  bu məsələləri burada müzakirə etməyək.
Mən iş adamlarının köməyi ilə orada bəlkə 100 min ABŞ dollarından da çox pul sərf etmişəm. Yenə düzəlmir ki, düzəlmir, əsl səbəbini də heç kim anlamır. Nə Xaçmazdakı regional idarə, nə də yerlərdəki idarələr bu məsələni həll edir.
Ümumiyyətlə isə mən büdcəyə səs verəcəyəm. Çox uğurlu və həssas bir büdcədir. Heç bir tərəddüdə yol verilməyib və  gələcəkdə ola biləcək  bütün məsələləri nəzərə alıb, mən də uğurlar diləyirəm. Düşərli və xalqımıza yararlı olsun.
Sədrlik edən. Çox sağ olun. Hörmətli millət vəkilləri, 57 nəfər  yazılıb. Mən xahiş edirəm, saat 6-ya işləmişə kimi müzakirə edək, ondan sonra hökumətə imkan yaradaq ki, sizin qaldırdığınız suallara cavab versin. Fürsətdən istifadə edib, demək istəyirəm ki, bizim həm komitə iclaslarında, həm də plenar iclaslarda “sosialyönümlü büdcə” deyəndə, bəziləri bir az başqa cür baxırlar. İndi Ziyafət müəllim mənə Konstitusiyanı verdi. Konstitusiyanın 15-ci maddəsində yazılıb: “Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafı müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının yüksəlməsinə xidmət edir”. İkinci bölmədə də belə yazılıb: “Azərbaycan dövləti bazar münasibətləri əsasında sosialyönümlü iqtisadiyyatın inkişafına şərait yaradır”. Yəni “sosialyönümlü” sözləri bizdə Konstitusiyada qeyd olunub. Ona görə həmişə büdcə bizdə sosialyönümlü olacaq. Çünki biz Konstitusiyada dəyişiklik etməmişik. İndi Kamilə Əliyeva buyursun.
K.Əliyeva. Təşəkkür edirəm, cənab Sədr. Çox hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! İlk növbədə qeyd etmək istəyirəm ki, 2018-ci ilin dövlət büdcəsi çox mükəmməl hazırlanmış bir sənəddir. Sənədlə tanışlıq zamanı bir daha əmin oluruq ki, builki dövlət büdcəsi ötən illərdə olduğu kimi sosialyönümlü büdcə layihəsidir.  Təsadüfi deyil ki, təkcə sosial müdafiə və sosial təminat xərcləri 2 milyard manatdan artıqdır. Bu bir daha sübut edir ki, cənab Prezident İlham Əliyevin yürütdüyü daxili iqtisadi siyasətin əsas məqsədi Azərbaycan Respublikası vətəndaşlarının sosial rifah halının yüksəldilməsinə xidmət edir.
Müdafiə xərclərinə ayrılmış vəsait tam qanunauyğundur. Ölkənin müharibə şəraitində yaşadığını nəzərə alaraq ordunun maddi-texniki bazasının olması və müasir döyüş silahları ilə təmin edilməsi çox vacibdir. Ordumuz bu gün Ali Baş Komandan cənab İlham Əliyevin sayəsində nəinki regionda, habelə dünyada güclü ordular sırasındadır. Ölkə iqtisadiyyatı hər il demək olar ki, artan xətlə yüksəlir. İqtisadiyyatımızın neftdən asılılığı tam aradan qaldırılmışdır. Bütün qeyri-neft sahələri yüksək sürətlə inkişaf etdirilir. Təsadüfi deyil ki, 2018-ci ilin dövlət büdcəsinin gəlirləri 20 milyard 127 milyon manat proqnozlaşdırılır ki, bu da ümumi daxili məhsulun 29 faizi həcmində olmaqla 2017-ci ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 20 faiz, 2016-cı ilin faktiki icra göstəricisi ilə müqayisədə 15 faiz çoxdur.
Bu illər ərzində cənab İlham Əliyevin göstərişi əsasında qeyri-neft sektorlarından olan kənd təsərrüfatı sektorunda böyük islahatlar aparılmışdır. Bir neçə min hektar yararsız və təyinatı üzrə istifadə edilməyən torpaq sahələri kənd əhalisinin istifadəsinə verilmişdir. Artıq Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsulları bir çox xarici dövlətlərə Azərbaycan brendi altında ixrac olunur, kənd təsərrüfatı məhsullarının ölkəyə gətirdiyi xarici valyuta neft məhsullarından sonra ikinci yeri tutur.
Bu gün cənab Prezidentin göstərişinə əsasən səhiyyə sahəsində də böyük işlər görülməkdədir. Regionlarda xəstəxanalar da daxil olmaqla demək olar ki, bütün səhiyyə ocaqları yenidən qurulur. Bütün xəstəxanalar müasir tibbi avadanlıqlarla təmin olunmuşdur. Artıq vətəndaşlarımız müalicə və əməliyyatlar üçün xarici ölkələrə üz tutmurlar. Səhiyyə naziri cənab Oqtay Şirəliyevin rəhbərliyi altında güclü həkim ordusu yetişməkdədir. Artıq Azərbaycanda çətin ürək əməliyyatları, uğurlu orqan transplantasiyaları həyata keçirilir. Təklif edərdim ki, gənc və savadlı həkimlərin aparıcı xarici klinikalarda təcrübə keçmələri üçün, eləcə də son nailiyyət hesab olunan tibbi avadanlıqların Azərbaycanda tətbiqi ilə əlaqədar Səhiyyə Nazirliyinə əlavə vəsait ayrılsın.
Təhsil işçisi olduğum üçün qeyd etmək istəyirəm ki, respublikamızda təhsillə bağlı böyük işlər görülməkdədir. İstər orta məktəblərdə, istərsə də ali məktəblərdə müəllimlərin bilik səviyyələrinin artırılmasında səmərəli işlər aparılmaqdadır. Orta məktəblərdə bilik səviyyələrinə uyğun olaraq müəllimlərin əmək haqlarında ciddi artımlar olmuşdur. Ölkə universitetləri ilə aparıcı xarici universitetlər arasında birbaşa əlaqələr qurulmuşdur. Son illər Azərbaycana təhsil almağa gələn tələbələrin sayı da artmaqdadır. Bu da Azərbaycan təhsilinin yüksək səviyyədə olduğunu göstərir. Onu da qeyd etmək istərdim ki, Milli Məclisdə Peşə təhsili haqqında qanun layihəsi yaxın vaxtlarda plenar iclasın gündəliyinə çıxarılacaq. Nəzərə alaq ki, bu gün statistikaya görə ölkədə ixtisaslı fəhlə peşələrinə 13 min vakant iş yeri var. Lakin müəssisə rəhbərləri müəyyən ixtisas tələb edən işçiləri xarici dövlətlərdən dəvət edirlər. Ona görə də maliyyə naziri cənab Samir Şərifovdan peşə təhsilinə ayrılan vəsaitin mümkün qədər artırılmasını xahiş edərdim. Son anda bir daha bu büdcənin tərtib olunmasında əməyi olan hər kəsə dərin minnətdarlığımı bildirirəm. Bu büdcəyə müsbət səs verəcəyəm. Bir daha təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Şahin İsmayılov.
Ş.İsmayılov. Hörmətli cənab Sədr, hörmətli hökumət nümayəndələri! Mən də həmkarlarıma qoşularaq büdcənin tərtibi və hazırlanmasında əməyi keçən hər bir kəsə dərin minnətdarlığımı bildirmək istəyirəm. Büdcə kifayət qədər peşəkar hazırlanmışdır. Builki büdcənin bu səviyyədə olması Azərbaycan hökumətinin kifayət qədər yaxşı işlədiyini və ötənilki çətinliklərdən nəticə çıxardığını göstərir.
Hörmətli Oqtay müəllim, mən bir neçə məsələyə xüsusi diqqət çəkmək istərdim. Bildiyimiz kimi, ötən dövr ərzində Azərbaycanda təqribən 39 Gənclər evi tikilmişdir. Bu Gənclər evlərinin, əsasən, regionları əhatə etməsi orada yaşayan gənclərin  asudə vaxtlarının həm səmərəli təşkil olunması, həm də mövcud gənclər siyasətinin regionlarda daha yaxşı keçirilməsinə xidmət etmək məqsədi daşıyır. Yaxşı məqamlardan biri də odur ki, bu il Gənclər evləri üçün büdcədə xüsusi bir paraqraf vardır. Qeyd etmək istərdim ki, Gənclər evinin 12-si  hazırda Gənclər və İdman Nazirliyinin balansındadır. Növbəti il ərzində bu mərkəzlərdən daha iyirmisinin nazirliyin balansına götürülməsi planlaşdırılır. Əgər imkan varsa, Gənclər evinə ayrılan vəsaitin bir qədər də artırılmasını xahiş edərdim. Çünki Gənclər evi, həqiqətən, regionlarda gənclər siyasətinin həyata keçirilməsində olduqca mühüm rola malikdir və  töhfələr verə bilər.
İkinci söyləmək istədiyim məsələ. Təbii ki, Azərbaycanda son dövrlərdə sənayenin müxtəlif sahələrini əhatə edən müəssisələr yaradılır. Bu müəssisələr məşğulluğun təmin edilməsi və yeni sənaye sahələrinin yaradılmasına, bütövlükdə ölkə iqtisadiyyatına böyük töhfə verir. Mən İqtisadi İnkişaf Nazirliyindən və təbii ki, Təhsil Nazirliyindən xahiş etmək istərdim,  təhsil müəssisələrində, xüsusilə ali təhsil müəssisələrində biznes inkubatorlarının və startapların yaradılması məsələsinə xüsusi fikir versinlər. Çünki ənənəvi sənaye sahələri ilə yanaşı, müasir dövrdə biznes inkubatorları və startap layihələr də iqtisadiyyata böyük töhfələr verir və bəzən hər hansı bir innovativ layihə milyonlarla dollar gəlir gətirə bilər. Təbii ki, Azərbaycanda kifayət qədər peşəkar, savadlı, bacarıqlı,  o cümlədən müasir dünyagörüşünə sahib olan gənclər var. Şirkətlərin hər hansı bir formada təhsil müəssisələrinə cəlb olunması, onlara müxtəlif imtiyazların təklif olunması, bu sahədə kifayət qədər sistemli yanaşmanın olması əminəm ki, yaxın gələcəkdə  Azərbaycanda gənclər arasında kifayət qədər peşəkar biznes inkubatorları, o cümlədən startaplar sayəsində dünyamiqyaslı layihələrin üzə çıxarılmasına səbəb ola biləcək töhfə verərdi.
Növbəti məsələ. Hörmətli Mikayıl müəllimin burada olmasından istifadə edərək, əsasən, şəhər mərkəzlərində yol kənarlarında yerləşən məktəblərlə bağlı demək istəyirəm. Rayonlarda da təbii ki, bu mövcuddur. Şagirdlər dərsə gedib, dərsdən çıxan zaman, əfsuslar olsun ki, bəzən yol-nəqliyyat qəza hadisəsinin törədilməsi ilə nəticələnən faciəvi halların şahidi oluruq. Mən xahiş etmək istərdim ki, mümkün olardısa, xüsusilə şagirdlərin təhlükəsizliyi baxımından yol kənarında yerləşən məktəblərdə xüsusi mühafizə olunmuş ərazilərin yaradılması və ya tramplinlərin qoyulması məsələsinə ciddi fikir verək. Bu yaxınlarda özüm  bir hadisəyə şahid oldum, əfsuslar olsun ki, azyaşlı uşaqlar yol qəzasının qurbanı oldular. Yenə qeyd edirəm, şəhər mərkəzlərində yol kənarlarında yerləşən məktəblərlə bağlı məsələyə xüsusi fikir vermək lazımdır.
Bundan başqa, Azərbaycanda kifayət qədər özəl bağçalar mövcuddur və bu bağçalarda mənim məlumatım yoxdur, hər hansı bir formada monitorinq aparılır, ya yox, amma  orada  tədris prosesinin təşkili və yaxud da uşaqların say tərkiblərinin hansı formada olması ilə bağlı çox yaxşı olardı ki, ciddi şəkildə monitorinq aparılsın. Biz bəzən şahidi oluruq ki, bağçalarda bir qrupda 20–25 uşaq məşğul olur. Burada hansı keyfiyyətdən söhbət gedə bilər? Yaxşı olardı ki, monitorinq aparılsın.
Bir də mən bir sıra ölkələrdə səfirliklərimizin say tərkibinin azaldılması və müvəqqəti işlər vəkillərinin təmsil olunması məsələsinə toxunmaq istərdim. Xüsusilə Avstraliya, Hollandiya, Kanada kimi ölkələri qeyd etmək istərdim ki, bizim həmin ölkələrdə yalnız bir əməkdaşla təmsil olunmağımız düzgün deyil. Düşünürəm ki, bu məsələyə fikir vermək lazımdır, çünki kifayət qədər strateji ölkələrdir və bu ölkələrdə Azərbaycan diplomatlarının say tərkibinin çoxaldılması və işlərinin əvvəlki qaydada tam tərkibdə davam etdirilməsi yaxşı olardı.
İndi isə hökumətin bir sıra nümayəndələrinin burada iştirakını nəzərə alaraq seçildiyim Beyləqan 81 saylı dairənin problemlərini qaldırmaq istərdim. Şahsevən qəsəbəsi Belyəqanın ən böyük qəsəbəsidir. Orada 12 min insan yaşayır. Əfsuslar olsun ki, uzun müddətdir, qazlaşma prosesinə start verilsə də, bu proses hələ başa çatmamışdır. Öncə hökumət nümayəndələrindən, aidiyyəti qurumlardan xahiş edərdim ki, bu prosesin orada sürətlənməsinə və nəhayət, əhalinin  qazla təmin olunmasına köməklik göstərsinlər. Eyni zamanda, içməli su problemi də mövcuddur. Xüsusilə Tatarlar kəndində bu problem ciddi şəkil alıb. “Azərsu”dan xahiş edərdim ki, həmin ərazidə əhalinin içməli su ilə təmin olunmasına mümkün qədər köməklik göstərərdilər.
Təbii ki, ölkəmizdə məktəblər tikilir. Son dövr ərzində dörd mindən artıq məktəb təmir olunub və yaxud yenidən tikilib. Mənim də təmsil olunduğum Beyləqan rayonunda, xüsusilə Yuxarı Aran qəsəbəsində çox qəzalı vəziyyətdə olan bir məktəb var. Qısa bir zaman ərzində ya təmir olunması, ya da yenidən tikilməsi məsələsini Təhsil Nazirliyinin diqqətinə çatdırmaq istərdim. Sonda mən də həmkarlarıma qoşularaq büdcənin lehinə səs verəcəyəm. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun.  Eldar Quliyev.
E.Quliyev. Sağ olun, cənab Sədr. Hörmətli millət vəkilləri, hörmətli nazirlərimiz! Yeni büdcəmizin 20 milyarddan çox nəzərdə tutulması bizi sevindirir. Bu bir daha sübut edir ki, əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan iqtisadi siyasət son 14 il ərzində möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilib. Bu siyasət zamanın tələblərinə və qlobal çağırışlarına uyğun olaraq daim təkmilləşdirilir. Bunu ölkəmizin iqtisadiyyatında son vaxtlar baş verən yeniliklər bir daha sübut edir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin göstərişi əsasında azad sahibkarlıq zonaları və sənaye parkları yaradılaraq müasir texnika və texnologiya ilə təchiz olunur. Bu müəssisələrin yaradılmasına güzəştli dövlət vəsaitləri ayrılır. Bir çox infrastruktur və obyektlər, inzibati binalar dövlət vəsaitinə tikilir.  Bütün bunlar göstərir ki, ölkəmizin iqtisadi inkişafının əsasını təşkil edən Əsrin müqaviləsindən ötən dövr ərzində neft sektorundan əldə edilən maliyyə vəsaitləri vətəndaşlarımızın sosial rifah halının yaxşılaşdırılmasına sərf olunur. Məlumdur ki,  əhalinin ərzaq təhlükəsizliyinin qorunmasında, ölkə siyasətinin sabitliyinin təmin edilməsində, yüngül sənaye sahələrinin inkişaf etdirilməsində və formalaşdırılmasında ən vacib məsələ kimi məşğulluq səviyyəsinin yüksəldilməsinin əhəmiyyətli rolu vardır. Aqrar bölmələrin bu xüsusiyyəti ölkə rəhbərliyi tərəfindən həmişə yüksək qiymətləndirilir və hörmətli Prezidentimizin daim diqqət və qayğısı ilə əhatə olunur.
Bu, 2018-ci il büdcə sənədlərində kənd təsərrüfatının inkişafına ayrılan dövlət vəsaitinin artırılmasında da öz əksini tapmışdır. Belə ki, kənd təsərrüfatına  cari ilin güzəştlərinin hesabına keçən ilə nisbətən 30 faiz artıq vəsait verilməsi nəzərdə tutulur. Bu sahəyə ayrılan büdcə vəsaitinin yüksək artımı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin imzaladığı Azərbaycan Respublikası kənd təsərrüfatı məhsullarının istehsal və emalına dair Strateji Yol Xəritəsində nəzərdə tutulan vəzifələrin yerinə yetirilməsi ilə əlaqədardır. Bu vəzifələr isə kənd təsərrüfatının intensivləşdirilməsindən, ixtisaslaşdırılmasından, yüksək  texnika və texnologiyaların, bitki sortlarının və cins heyvanların təchiz olunması ilə yeni aqroparklar və iri fermer təsərrüfatlarının yaradılmasından, suvarılan torpaq sahələrinin genişləndirilməsindən, müasir tələblərə və çağırışlara cavab verən digər tədbirlərin həyata keçirilməsindən ibarətdir. Bu istiqamətdə keçən ildən 1 aqropark, 5 iri fermer təsərrüfatı, 1 yaşıl market, 3 müasir heyvandarlıq, 3 quşçuluq, 127 hektar ərazidə 16 istixana, 1 zeytunçuluq təsərrüfatı, 2 süd, 1 ət, 1 biyan, 1 pambıq və 1 dəri emalı, 1 balıq yemi fabriki, 1 nar şirəsi və konserv istehsal müəssisəsinin tikintisi dövlətin güzəştli krediti hesabına maliyyələşdirilmişdir. Aqrar sahəsinə ayrılan büdcə vəsaitinin artımı onu deməyə əsas verir ki, yaxın vaxtlarda ölkənin əhalisi fizioloji normalara uyğun olaraq yerli istehsal hesabına ərzaq məhsulları ilə tam təmin olunacaq, respublikamız kənd təsərrüfatı məhsulları idxal edən ölkədən ixrac edən ölkəyə çevriləcək.
Hörmətli həmkarlar, həmişə olduğu kimi, gələn ilin büdcəsində də sosial məsələlərə xüsusi yer verilmişdir. Fərəhli haldır ki, büdcə vəsaitinin hesabına respublikamızda müasir tələblərə cavab verən yeni mədəniyyət, səhiyyə və təhsil müəssisələri tikilir, mövcud olan müəssisələr isə əsaslı təmir edilir. Bununla əlaqədar bildirmək istəyirəm ki, deputat olduğum seçki dairəsini əhatə edən Maştağa qəsəbəsində demək olar, fəaliyyəti dayanmış mədəniyyət evində təmirin son tamamlama işləri görülür. Bu ilin sonuna kimi mədəniyyət evi tam hazır olacaqdır. Bu məsələnin həllində göstərdiyi köməyə görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və hörmətli nazirimiz Əbülfəs Qarayevə öz minnətdarlığımı bildirirəm.
Eyni zamanda, seçicilərimin bir arzu və xahişini də hörmətli nazirlərimiz Samir Şərifov və Oqtay Şirəliyevin diqqətinə çatdırmaq istərdim. Maştağa qəsəbəsində 1930-cu illərdə inşa edilmiş 7 nömrəli xəstəxana çox acınacaqlı vəziyyətdə fəaliyyət göstərir. Cari ildə xəstəxananın təmiri ilə əlaqədar müəyyən işlər aparılsa da, maliyyə vəsaitinin ayrılmaması üzündən işlər yarımçıq saxlanılmışdır. Xahişim bundan ibarətdir ki, bu xəstəxananın əsaslı təmiri üçün 2018-ci il büdcəsindən  vəsait ayrılsın. Ümid edirəm ki, xahişim nəzərə alınacaq və hörmətli nazirlərimizə də qabaqcadan təşəkkürümü bildirmək istəyirəm.
Bakıda və Bakıətrafı qəsəbələrdə son vaxtlar su təminatı gündən-günə yaxşılaşır. Göstərdiyi bu diqqət və qayğıya görə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin rəhbərlərinə, əməkdaşlarına seçicilərim adından minnətdarlığımı bildirirəm. Lakin bu qəsəbələrin kanalizasiya sistemi ilə təchizatı cəmi 15–20 faiz  həcmindədir. Hökumətdən xahiş edirəm ki, 2018-ci ildə bu istiqamətdə işlərin bərpasına başlanılsın.
Çıxış edən həmkarlarım tələbə yataqxanaları haqqında öz narazılıqlarını bildirdilər. Bununla əlaqədar qeyd etmək istəyirəm ki,  Kooperasiya Universitetinin Azadlıq prospekti, Ziya Bünyadov küçəsində yerləşən yataqxanasında qaçqın və köçkün ailələri məskunlaşdırılmışdır. Fövqəladə Hallar Nazirliyi tərəfindən 2015-ci ildə aparılan yoxlama nəticəsində Ziya Bünyadov 32-də yerləşən binanın qəzalı vəziyyətdə olması barədə akt tərtib olunmuşdu. Maliyyə Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəhbərliyi tərəfindən ailələrin köçürülməsi ilə əlaqədar  göndərilmiş məktub rədd edilmişdir.  Əgər bunlar köçürülsə, öz vəsaitimiz hesabına həmin yataq-xanaları təmir etdirməyi biz öz boynumuza götürürük. Ona görə hökumətdən xahişimiz budur ki, həmin məsələ 2018-ci ildə nəzərdə tutulsun. Sonda mən də bu  qanun layihəsini dəstəkləyirəm və deputat həmkarlarımdan qanunun lehinə səs vermələrini xahiş edirəm. Diqqətinizə görə sağ olun.

 
Azərbaycan Respublikası  Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən.  Sağ olun. Jalə Əliyeva.
J.Əliyeva. Təşəkkür edirəm. Hörmətli sədarət, hörmətli hökumət üzvləri, dəyərli həmkarlar və media mənsubları! Builki büdcə müzakirəsi çox əlamətdar bir tarixə təsadüf edir. Dünən də çıxışlarda dəfələrlə qeyd edildi, bundan tam 25 il əvvəl Azərbaycanın ictimai-siyasi həyatına yeni bir qurum daxil oldu. Bu qurum Yeni Azərbaycan Partiyası adlandırıldı. Ulu öndər Yeni Azərbaycan Partiyasının yaranmasından çox sonralar, 1999-cu ildə bir çıxışında qeyd edirdi ki, bu partiyanın yaranması tarixi hadisə idi. Bəs bu partiyanın yaranmasını tarixi hadisəyə çevirən nə idi? Bu suala cavab vermək üçün 1992-ci ilin oktyabr ayında ziyalıların imzası ilə Bakıdan Naxçıvana göndərilən “Azərbaycan  Sizin sözünüzü gözləyir” sərlövhəli yazını oxumaq kifayətdir. Aqillərdən biri deyib ki, öldükdən sonra yaşamaq istəyirsənsə, ölümsüz bir əsər yarat. Heydər Əliyev də ölümsüz bir partiya, ölümsüz bir ölkə, ölümsüz bir dövlət yaratdı. Təməlində o böyük şəxsiyyətin ideyalarının dayandığı nəhəng quruculuq işləri ilə gündən-günə güclənən iqtisadiyyatımızla, sürətlə abadlaşan və inkişaf edən şəhər və kəndlərimizlə, elmimizlə, səhiyyəmizlə, mədəniyyətimizlə qürur duyuruq. Bu qüruru bizə yaratdığı üçün əziz Prezidentimizə borcluyuq.
Bu gün ölkədə və regionda məhz onun rəhbərliyi və liderliyi altında möhtəşəm layihələr həyata keçirilməkdədir. Bu layihələrdən birini burada xüsusilə qeyd etmək istəyirik. Cəmi 20 gün əvvəl, 30 oktyabr tarixində ölkə və xalq olaraq növbəti qüruru yaşadıq. Həmin gün Azərbaycan öz müstəqillik tarixinin yeni möhtəşəm tarixini yazdı. Həmin gün Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin təntənəli açılışı oldu. Bu təntənə birinci növbədə cənab İlham Əliyevin qətiyyətli mövqeyinin, sarsılmaz iradəsinin, həm ölkə daxilində, həm də dünya ölkələri baxımından həyata keçirdiyi uğurlu siyasətin nəticəsi idi. Mən fürsətdən istifadə edərək bu yolun çəkilişində iştirak edən minlərlə vətənpərvər işçini, layihənin ərsəyə gəlməsində rolu və xidməti olmuş hər bir hökumət üzvünü və əlbəttə ki, hörmətli həmkarımız Cavid Qurbanovu təbrik edirəm. Bu yol sabitliyə, sülhə xidmət edən etibarlı yoldur və bundan sonra da yüzilliklər boyu  ölkəmizin və regionun inkişafına, tərəqqisinə, əmin-amanlığına öz töhfəsini verəcəkdir.
Dəyərli həmkarlar, müzakirə etməkdə olduğumuz büdcə layihəsi  ölkədəki inkişafın, tərəqqinin, əmin-amanlığın aynası kimi qiymətləndirilməlidir. Çoxsaylı çıxışlardan və müzakirələrdən sonra gəlinən nəticə budur ki, büdcə layihəsi real proqnozlara əsaslanaraq hazırlanmış əhəmiyyətli bir sənəddir. Önümüzdəki ilin büdcə layihəsinin dünyada baş verən iqtisadi neqativ hadisələr fonunda hazırlanmış olması onu xüsusilə əhəmiyyətli edir. Büdcə layihəsində bütün sahələrə ötən illərlə müqayisədə daha çox vəsait ayrılması, əlbəttə ki, sevindiricidir. Bu göstərici ümumilikdə ölkənin iqtisadi gücünün sübutu, eləcə də ölkədə hökm sürən ictimai, iqtisadi, siyasi sabitliyin, eyni zamanda, maliyyə sabitliyinin göstəricisidir. Biz əlbəttə ki, bu layihəni dəstəkləyirik və birmənalı olaraq səs verəcəyik.
Eyni zamanda, bütün hökumət üzvlərinin burada olmasından  istifadə edərək bir neçə təklifimizi də səsləndirmək istəyirik. Mən mədəniyyət sahəsindən başlamaq istəyirəm. Digər sahələrə olduğu  kimi, mədəniyyət sahəsinə də ötən ilə nəzərən daha çox vəsait ayrılmasına baxmayaraq, düşünürük ki, bu vəsait dövlət mədəniyyət siyasətinin tam gücü ilə həyata keçirilməsi üçün kifayət deyil. Xüsusilə film yaradıcılığında keyfiyyətin artırılması, dünya səviyyəli filmlərin istehsal edilməsi üçün büdcədən daha sanballı vəsait ayrılmasını, kitabxanaların, xüsusilə rayon kitabxanalarının ölü orqanizmdən işlək mexanizmə çevrilməsi üçün tədbirlər görülməsini, icbari tibbi sığortanın bütün ölkədə tətbiq edilməsi işinin sürətləndirilməsini, güzəştli ipotekaların, sadəcə, dövlət qulluqçularına deyil, müəllimlərə, həkimlərə, o cümlədən mədəniyyət, incəsənət xadimlərinə, yaradıcı şəxslərə də şamil edilməsini, internat məktəblərdən məzun olan gənclərin ev və işlə təmin olunmasını xahiş edirik.
Hörmətli həmkarlar, büdcə layihəsinin ayrı-ayrı komitələrdə müzakirəsi zamanı hörmətli Bahar xanım çox əhəmiyyətli bir fikir səsləndirdi: “Həlli vacib məsələlərin həllini, sadəcə, dövlətdən gözləməyək. Özəl sektor, iş adamları da bu prosesə fəal şəkildə qoşulmalıdırlar”. Düşünürük ki, çox təqdiredici bir təklifdir. Mən də buradan iş adamlarımıza, böyük biznes strukturlarının rəhbərlərinə müraciət etmək istəyirəm. Ölkədə hər gün ayrı-ayrı tikinti şirkətləri tərəfindən onlarla göydələn ucaldılır. Həmin  göydələnlərin hər birində kimsəsiz, himayəsiz yeniyetmələrə və gənclərə, aztəminatlı ailələrə cüzi də olsa mənzil ayrılması yəqin ki, Allaha da xoş gedər, bəndəyə də.
Mən bir neçə kəlmə ilə deputatı olduğum Zərdab və Ucar rayonları ilə bağlı daha əvvəlki illərdə səsləndirdiyim, lakin hələlik həllini tapmayan bəzi məsələləri də diqqətinizə çatdırmaq istəyirəm. 2010-cu ildə Kür daşqını zamanı qəzalı vəziyyətə düşən 1 saylı şəhər natamam məktəbinin, – bu məktəb köhnə sənədlərdə Təzəkənd 8 illik kənd orta məktəbi adlandırılır, – yenidən tikilməsi üçün etdiyim müraciət nəzərə alınmış, hətta tikinti üçün yeni yer də ayrılmışdı. Lakin təəssüf olsun ki, bu günə qədər tikinti işlərinə başlanılmayıb. Üstəlik o məktəbdə iki il bundan əvvəl yanğın baş verib və məktəb tam yararsız vəziyyətə düşüb. Həmin məktəblə bağlı qərarın bir daha nəzərdən keçirilməsinə və tikinti işlərinin tezliklə başladılmasına, Zərdab rayonunun Gəlmə kəndində körpələr evi, uşaq bağçası üçün yeni binanın tikilməsinə ehtiyac var. Qəzalı vəziyyətdə olan Məlikli və Körpükənd kənd xəstəxanaları üçün yeni binaların tikilməsini də xahiş edərdik. Doğrudur, Məlikli kənd xəstəxanası bu il  təmir edilib. Amma həmin xəstəxananın və Körpükənd xəstəxanasının  yeni bina ilə  təmin edilməsinə, ehtiyac var.
Ötən il cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə təntənəli açılışı edilən yüksək standartlı müasir rayon mərkəzi xəstəxanasında müxtəlif ixtisaslı həkim çatışmazlığının aradan qaldırılmasına, Zərdab rayonunun Gəndəbil, Şıxbağı, Ağabağı, Nəzəralılı, Siləyli, Cülovxanlı kəndlərinə və Bəyimli qəsəbəsinə qaz xəttinin çəkilməsinə, Zərdab şəhəri ərazisində çəkilməsinə başlanılmış, lakin sonradan  dayandırılmış kanalizasiya xəttinin çəkilişinə yenidən başlanılmasına, qəzalı vəziyyətdə olan Tarix-Diyarşünaslıq Muzeyi üçün yeni binanın tikilməsinə və rayon mədəniyyət evinin əsaslı təmir olunmasına ehtiyac var.
Eyni zamanda, deputatı olduğum Ucar rayonunun da Bərgüşad və Lək kəndlərində bərbad vəziyyətdə olan mədəniyyət evlərinin əsaslı təmirini, Lək kəndində məktəb qazanxanalarının qazla təmin olunmasını, – doğrudur, həmin kənddə mövcud olan iki məktəbdən birinə qaz xətti artıq çəkilib. Lakin sayğac quraşdırılmadığından hər iki məktəb hazırda istiliksizdir, – Bərgüşad kəndində qaz xəttinin çəkilişi işlərinin sürətləndirilməsini və həmin kənddə 1961-ci ildə çəkilmiş elektrik xəttinin və dirəyinin yeniləndirilməsini xahiş edirik. Ümid edirik ki, səsləndirdiyimiz məsələlərin həlli istiqamətində hörmətli hökumət üzvlərimiz tərəfindən 2018-ci ilin dövlət büdcəsində müəyyən addımlar atılacaqdır. Sonda bir daha bu mükəmməl sənədin hazırlanmasında əməyi keçən hər bir hökumət üzvünə təşəkkürümüzü və bu mükəmməl layihəyə səs verəcəyimizi bildiririk. Sağ olun.
Sədrlik edən. Sağ olun. Əhliman Əmiraslanov, buyurun.
Ə.Əmiraslanov. Çox hörmətli Ziyafət müəllim, hörmətli hökumət üzvləri  və hörmətli millət vəkilləri! Mən də hesab edirəm ki, bizə təqdim olunan  2018-ci il  büdcə zərfi son dərəcədə mükəmməl və peşəkarlıqla hazırlanmış bir sənəddir. Xüsusilə burada həmkarlarımızın vurğuladıqları kimi, 2018-ci il büdcəmizə 20 faiz artımın proqnozlaşdırılması ölkəmizdə iqtisadi yüksəlişdən xəbər verir. Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, sosial sahələrə ayrılmış vəsaitin  miqdarı artırılıbdır və büdcəmizin üçdə birindən çoxunun sosial sahələrə planlaşdırılması ölkə Prezidentinin əhalinin sosial vəziyyətinin, rifah halının yüksəldilməsinə olan qayğısı kimi qiymətləndirilməlidir. Mən xüsusilə qeyd etmək istəyirəm ki, təhsil sahəsinə nəzərdə tutulan 15 faizlik artım büdcədə son dərəcə böyük əhəmiyyət kəsb edir. Çünki bu gün təhsil sistemində ciddi islahatlar aparılır. Mən əminəm ki, bu vəsait islahatların daha da sürətləndirilməsinə imkan yaradacaqdır.
Digər bir müsbət cəhət mən hesab edirəm, Milli Elmlər Akademiyası büdcəsinin bu il təxminən 5 faizə qədər artırılmasıdır. Bu da elmimizin inkişafında xüsusi rol oynayacaq. Səhiyyə sahəsi üzrə dövlət proqramlarının həyata keçirilməsi üçün ayrılan vəsait də xeyli artırılıbdır. Bilirsiniz ki, bu proqramlar  əhali arasında problem yaradan,  itki verdirən xəstəliklərin müalicəsinə yönəldilmişdir. Bunları sadalamağa ehtiyac yoxdur. Ancaq mən böyük təəssüf hissi ilə  qeyd edim ki, – biz hər il bu məsələləri qeyd edirik, – ölkəmizdə adambaşına düşən səhiyyə xərcləri son dərəcə aşağıdır. Bu rəqəmləri bu gün burada səsləndirmək istəmirəm, məlumdur, kim maraqlansa, tanış ola bilər. Səhiyyə xərclərinin az olması və həkimlərimizin maaşlarının aşağı olması ölkəmizdə yeni inşa edilərək ən müasir avadanlıqlarla təchiz olunmuş çoxlu sayda klinikaların və xəstəxanaların səmərəli işləməsinə maneçilik törədir. Səhiyyə xərcləri,  mən fikir verdim, bu il elə bil keçənilkindən də bir qədər azdır. Ancaq mən bizim hörmətli hökumətə müraciət etmək istəyirəm ki, heç olmasa, əhalimizin artımını nəzərə alaraq ilbəil adambaşına düşən səhiyyə xərcləri artırılsın. Əgər biz bunu stabil saxlasaq və yaxud azaltsaq, səhiyyəmizdə problemlər get-gedə artmağa başlayacaq. Ona görə mənə elə gəlir ki, bu məsələyə diqqət yetirmək lazımdır. Səhiyyə xərclərinin səviyyəsi hökmən yüksəldilməlidir.
Mən  bu gün səhiyyə sahəsində cəmiyyətimizi, insanlarımızı narahat edən bir neçə məsələni istərdim ki, hökumət nümayəndələrimizin nəzərinə çatdırım. Keçən il istər komitə, istərsə də plenar iclasda hörmətli Samir müəllimin də iştirakı ilə büdcə müzakirə olunarkən millət vəkilləri yeni doğulmuş uşaqların koxlear implantasiya məsələsini qaldırdılar. Ancaq bu məsələ bu gün də həll olunmayıbdır. Mən istərdim, hökumət nümayəndələrinin nəzərinə çatdırım ki, Azərbaycanda ildə təxminən 120–150 nəfər uşaq eşitmə deffekti ilə doğulur. Əgər bu uşaqlarda koxlear implantasiya əməliyyatı qısa bir müddətdə aparılmasa, bunlar ömrləri boyu lal və kar qalırlar.
Bu gün ölkəmizdə bu transplantasiya əməliyyatını aparmağa imkanı olan bir neçə klinika yaradılıbdır, yəni bu əməliyyatları aparmaq mümkündür, mütəxəssislər yetişibdir. Ancaq koxlear implantların ölkəyə gətirilməsi üçün vəsaitin olmaması üzündən bu insanlar illərlə növbəyə dururlar və daim də deputatlara,  Milli Məclisin Səhiyyə komitəsinə  bununla bağlı müraciət edirlər. Burada böyük bir vəsaitdən söhbət getmir. Təxminən  2 milyon yarımlıq vəsaitdən söhbət gedir. Bu vəsait olsa, hər il 120–150 insanın taleyi həll olunar. Mən xahiş edirəm, bu il bu məsələni nəzərə almaq lazımdır. Sual oluna bilər ki, Səhiyyə Nazirliyinə ayrılmış büdcə daxilində bunu həll etmək olmazmı? Onsuz da adambaşına düşən vəsaitin az olduğu bir vaxtda mən hesab edirəm ki, Səhiyyə Nazirliyi əlavə vəsait olmadan çətin ki, bunu həll edə bilsin.
Digər bir məsələni mən istərdim qeyd edim. Bilirsiniz ki, həmişə bizim səhiyyəmizi tənqid edirlər ki, ölkəmizdə orqan transplantasiyası aparılmır və yaxud az aparılır. İndi böyük məmnuniyyətlə qeyd etmək istəyirəm ki, ölkəmizin bir çox klinikalarında orqan transplantasiyası əməliyyatı aparılır. Ancaq həkimlər yaxşı bilirlər ki, bu xəstələr ömürlərinin axırına qədər “antidepressant” deyilən preparat almalıdırlar və hər ay bu antidepressantlar üçün  3–4 min vəsait tələb olunur. Yəni insanların bu vəsaiti ödəməyə imkanları yoxdur və günbəgün də bu xəstələrin sayı artır. İstər ölkəmizdə, istərsə də ölkəmizdən kənarda bir qisim insan gedib orqan transplantasiyası əməliyyatı keçirir. Sonra bu insanlar deputatlara və Milli Məclisin Səhiyyə komitəsinə daim müraciət edirlər ki, bu dərmanları almaq mümkün deyil. Səhiyyə Nazirliyində imkan daxilində bunlara kömək etməyə çalışırlar, ancaq bu çox böyük vəsaitdir. Orqan transplantasiyası əməliyyatından sonra insan var 50 il, 60 il yaşayır və hər ay da bu 3–4 min manat məbləğində antidepressant qəbul etməlidir. Bu məsələyə də mən hesab edirəm ki, fikir vermək lazımdır. Ola bilər ki, səhiyyə üzrə proqrama  salaq, bunlara ayrıca vəsait  ayıraq.
Son olaraq mənim mənsub olduğum, çalışdığım onkologiya sahəsi ilə bağlı demək istəyirəm. Mən möhtərəm cənab Prezidentimizə öz dərin təşəkkürümü bildirirəm ki, onkoloji preparatların alınması üçün  ayrıca vəsait ayrılır və xəstələr bu preparatlarla  təmin olunurlar. Bu preparatlar, bilirsiniz, çox bahalı preparatlardır. İndi dünyada son illərdə  target terapiyası, yəni hədəf terapiyası deyilən preparatlar sintez olunub və bu preparatlar artıq dünyada bədxassəli şişlərin müalicəsi üçün çox geniş istifadə olunur. Ancaq bu preparatları almaq üçün çox  vəsait lazımdır. Şiş əleyhinə preparatları almaq üçün ayrılan vəsait buna bəs etmir, bu target terapiyası dediyimiz preparatlar, demək olar ki, onkologiyada bir inqilabdır, hətta vaxtı keçmiş, yayılmış şişlərin müalicəsində son dərəcədə böyük effekt görürük, çox gözəl nəticə əldə edirik. Mən çox xahiş edərdim, o şiş əleyhinə preparatların alınması üçün ayrılan vəsait artırılsın ki, bu gün Azərbaycanda olan onkoloji xəstələr bu preparatdan istifadə edə bilsinlər. Bu gün şiş əleyhinə olan o target preparatlar Azərbaycana gətirilmir. Ancaq bunun çox böyük effekti var. Mən yenə də istərdim qeyd edim ki, dediyim bu üç sahə üzrə problemi həll etmək səhiyyə sahəsinə ayrılmış vəsaitin imkanı daxilində deyil. Əlavə vəsait ayrılmalıdır ki, bu problemləri həll etmək olsun. Son olaraq mən bir daha qeyd etmək istərdim ki, əlimizdə çox mükəmməl hazırlanmış 2018-ci il büdcə zərfi var. Mənə elə gəlir ki, biz deputatlar 2018-ci il büdcəsinin qəbul olunmasının lehinə səs verməliyik. Diqqətinizə görə təşəkkür edirəm.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Sağ olun. Çingiz Qənizadə.
Ç.Qənizadə. Təşəkkür edirəm. Mən də həmkarlarım kimi, çıxışıma başlamamışdan öncə 2018-ci ilin dövlət və icmal büdcəsi layihələrinin hazırlanmasında əməyi olan hər kəsə, başda Maliyyə Nazirliyi olmaqla digər qurumların əməkdaşlarına da təşəkkürümü bildirmək istəyirəm. Növbəti və sonrakı 3 il üçün dövlət büdcəsinin layihəsi hazırlanarkən qlobal iqtisadiyyatda gedən son meyillərin təhlili aparılmış, onların ölkənin mikroiqtisadi göstəricilərinə, o cümlədən icmal və dövlət büdcələrinin əsas parametrlərinin proqnozlarına mümkün təsirləri dəyərləndirilmişdir. Büdcə ötən ildə olduğundan daha çox sosial-yönümlüdür, bu təqdirəlayiq haldır. Büdcənin komitələrdə müzakirəsi zamanı neftin qiymətinin 45 dollardan götürülməsi ilə bağlı bizə çoxsaylı suallar verilib. Təbii ki, neftin qiymətinin 60 dollardan yuxarı olması Azərbaycan iqtisadiyyatına növbəti ildə müsbət təsir göstərəcək amillərdən biridir. Yəni neftin qiymətinin 45 dollardan götürülməsini mən müsbət hal hesab edirəm və şübhəsiz ki, aradakı fərqdən gələn gəlirlər Azərbaycan dövlətinə gələcək. Bu istiqamətdə  bizə verilən suallara öz fikirlərimizi və cavablarımızı bildirmişik. Yəni neftin qiyməti dünyada dayanıqlı və artımlı olacaqsa, növbəti ilin yarımilliyində təbii ki, bu məsələyə yenidən baxa bilərik. Həmçinin  bağlanmış bir neçə müqavilə var ki, Azərbaycan iqtisadiyyatına müsbət təsir göstərib. Bunlardan birincisi təbii, “Əsrin müqaviləsi” adlanan neft kontraktıdır. Bu, ölkəmiz üçün çox vacib beynəlxalq layihələrdən biri olub. Eyni zamanda, Azərbaycan üçün vacib layihələrdən biri də Azərbaycan dövlətinin istəyi, cənab Prezidentimizin iradəsi, Azərbaycan dəmiryolçularının əzm və işgüzarlığı ilə artıq reallığa çevrilən Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin istifadəyə verilməsidir ki, bu da Azərbaycan üçün yaxın illərdə valyuta axınını təmin edəcək amillərdən biridir.
Yeri gəlmişkən, dəmir yolu ilə bağlı bir məsələni diqqətə çatdırmaq istəyirəm. Təbii, bu sahədə son illərdə görülən işlərin sayı hədsizdir. Təklif edərdim ki, bu sahəyə xüsusi diqqət yetirilsin. Çünki mən bir balaca təhlil apardım. Almaniyada bir il ərzində dəmir yolu üçün 122 milyard subsidiya ayrılmışdır. Biz əgər gələcəkdə Bakıətrafı kəndlərə və eyni zamanda, Sumqayıta elektrik qatarlarının gedişi ilə bağlı iş rejimini təmin edə bilsək, onda Bakı şəhərində nəinki sıxlığın aradan qaldırılmasına, həm də dünyada qlobal problemlərdən biri olan ekoloji problemin həllinə kömək etmiş olarıq. Eyni zamanda, araşdırma zamanı  məlum oldu ki, gün ərzində minlərlə kiçik, orta və böyüktutumlu avtomobillərin Bakı şəhərinə girişinin qarşısı alına bilər. Bu, şəhərdə böyük bir sıxlığın aradan götürülməsinə xidmət edəcəkdir. Həmçinin bildirmək istəyirəm ki, uzaq məsafədə olan, yəni bizim seçildiyimiz regionlarda olan insanlar da şəhərə dəmir yolu xətti ilə  gəlib-getməyə üstünlük verirlər. Çünki həm rahat, həm təhlükəsiz, həm də iqtisadi cəhətdən insanları qane edə biləcək nəqliyyat növüdür. Ona görə  mən çox istəyirəm ki, növbəti ildə məhz bu sahəyə, sərnişindaşıma ilə bağlı məsələyə də xüsusi diqqət yetirilsin və Azərbaycan dövlətinin büdcəsindən müəyyən subsidiyalar ayrılsın.
Yeri gəlmişkən, Cənub bölgəsindən olan yazıla bilməyən həmkarlarım da xahiş etdilər çatdırım ki, Lənkəran–Astara dəmir yolunun 40 kilometri dənizin lap yaxınlığından keçir. Bu, turizmin inkişafına maneçilik törədir. Sovet dövründə inşa olunmuş dəmir yoludur və gələcəkdə bu yolun oradan başqa yerə köçürülməsi istiqamətində Azərbaycan hökumətindən müəyyən işlər görməsi xahiş olunur.
Başqa bir məsələni də qeyd etmək istəyirəm. Büdcədən elm, təhsil, səhiyyə, sosial müdafiə, mədəniyyət, incəsənət və digər sahələrə ayırmalar təqdirəlayiqdir, yəni azalmalar yoxdur. Xüsusilə təhsilin 11,7 faiz artımlı olması  vacib məsələdir. Çünki təhsil bizim gələcəyimizdir və bu sahədə aparılan müəyyən islahatların daha da genişləndirilməsi üçün buna diqqət yönəldilməsini mən təqdirəlayiq hesab edirəm.
Səhiyyəmizdə isə xüsusilə Respublika Talassemiya Mərkəzinin saxlanması  üçün 2018-ci ilin dövlət büdcəsindən ayrıca 10,6 milyon vəsaitin ayrılması çox vacib şərtlərdən biridir. Lakin son zamanlar  talassemiya xəstələrinin sayı artır. Bu sahəyə maliyyənin ayrılması ilə bağlı biz ümid edirik ki, Səhiyyə Nazirliyi  bu xəstəliklə mübarizədə yeni-yeni addımlar atacaq. Səhiyyə ilə bağlı narahatlıqlarında mən də hörmətli  akademik Əhliman müəllimin fikirlərini bölüşürəm. Bu sahəyə  ayırmalara biz xüsusi diqqət yetirməliyik ki, insanların sağlamlığı ilə bağlı məsələdə Səhiyyə Nazirliyi daha çevik və operativ hərəkət edə bilsin. Çünki pul və maliyyə olarsa, təbii ki, qoyulan tapşırıqların öhdəsindən gəlmək  mümkündür.
Sosial müdafiə və sosial təminat sahəsində də artım var. Belə hesab edirəm ki, 6,6 faiz artım özü bu sahəyə diqqətin təzahürüdür və ölkədə müəyyən problemlərin həllinə dəstək olacaq. 
Mən bir şeyi  qeyd etmək istəyirəm. Müdafiə, təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq mühafizə, prokurorluq orqanlarının saxlanması ilə bağlı 2017-ci illə müqayisədə 5,2 faiz artım nəzərdə tutulur. Amma demək istəyirəm ki, Ədliyyə Nazirliyində yeni bir  Probasiya xidməti yaradılıb və buraya da müəyyən işçilər götürüləcək.  Bu xidmət geniş bir sahəni əhatə edəcək. Eyni zamanda, növbəti ildə 100-ə yaxın hakimin yeni  təyinatı var. Büdcədə bunların nəzərə alınmasını mən çox arzulayardım.
Bir də həmişə olduğu kimi, yenə də deyirəm, polis müstəntiqlərinin sayı ölkədə mütləq artırılmalıdır. Çünki araşdırma zamanı məlum olur ki, Daxili İşlər Nazirliyinin tabeliyində olan  polis müstəntiqlərinin icraatında 20–25 material və cinayət işi olur. Burada biz işin obyektivliyindən,  sürətindən və keyfiyyətindən söhbət açmaqda çətinlik çəkirik. Ona görə  Gəncə, Sumqayıt, xüsusilə Bakı şəhərində bu sahəyə ayırmalar nəzərdə tutulmalıdır ki, orada hər bir rayonda, heç olmasa, müstəntiqlərin sayı 2–3 dəfə artırılsın ki, iş həcminin yükü nisbətən azalmış  olsun.
Biz, təbii ki, büdcəyə daxilolmaların müxtəlif yollarını fikirləşməliyik. Vergi xidməti vasitəsi ilə büdcənin doldurulması üçün göstərilən pressinqlər heç  vaxt dayanıqlı və müsbət nəticələrə gətirib çıxara bilməz. Biz müxtəlif sahələrdə, kənd təsərrüfatı və sairdə vergi azadolmalarını tətbiq etmişik. Bu, yaxşıdır. Amma bunun əvəzinə biz digər sahələrdə kiçik, orta və iri sahibkarlara əziyyət verməklə problem çıxarmağa çalışırıqsa, bu yaxşı deyil. Bəzən sual verirlər ki, niyə bizim bəzi iş adamları Gürcüstana gedirlər və orada iş qurmağa  üstünlük verirlər. Niyə biz bu iş adamlarının Gürcüstana üz tutmasının səbəbini araşdırmırıq? Niyə biz vergi siyasəti ilə bağlı Gürcüstan modelini Azərbaycanda tətbiq edə bilmirik? Mən bilmək istəyirəm ki, ümumiyyətlə, hökumət, müəyyən qurumlar şəhərlərdə və rayonlarda araşdırma aparıblarmı ki, 2017-ci ildə nə qədər iş yerləri bağlanıb? Təzyiqlərə dözməyən, – söhbət vergi təzyiqlərindən gedir, –  bu iş adamlarının hər biri axı dövlətə müəyyən vəsait ödəyir və büdcəyə gəlir gəlir. Bəlkə biz daha az iş yeri və daha çox vergi siyasətindən əl çəkərək daha çox iş yeri və daha az vergi siyasətinə keçək? Mən belə hesab edirəm ki, vergi ödəmək bir mədəniyyətdir. Amma bu mədəniyyətin həyata keçirilməsində qanunazidd tələblər olmamalıdır. Təəssüf ki, bu tələblər bu gün də vardır.
Büdcəyə vəsaitlərin toplanması ilə bağlı mən bir misal çəkmək istəyirəm. Xüsusilə Strateji Yol Xəritəsində qeyd olunan “dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi iqtisadi siyasətin mühüm istiqamətlərindən biridir” şüarına uyğun olaraq qeyd etmək istəyirəm ki, özəlləşdirməyə çıxarılan bir çox obyektlər fiziki və mənəvi aşırmaya məruz qalır, bir qismində isə qaçqınlar məskunlaşıb. Yəni biz yeni və cəlbedici müəssisələrin özəlləşdirməyə açılması, bu sahədə fəallığın yaranması üçün bəzi islahatlar aparmalıyıq. Eyni zamanda, icarəyə verilmiş torpaqların və onların üzərindəki  özəlləşdirilmiş əmlakların torpaqlarla birlikdə alınmasını təmin etməliyik ki, büdcəyə əlavə vəsaitlər gəlsin. Yaxud da ki, onları icarəyə verərək onlardan icarə haqqı almaqla dövlət büdcəsinə gələn gəlirlərin istiqamətini artıra bilərik. Bu sahədə xeyli islahat aparmaq, iş görmək olar.
Başqa bir məsələ. Təbii, hamı istəyir ki, öz rayonunda  müəyyən işlərin görülməsi üçün dövlət büdcəsindən vəsait ala bilsin. Mənim təmsil olunduğum rayonda da torpaqların qrunt sularından yuyulması, meliorasiya xidmətinin göstərilməsi, içməli su probleminin, qazlaşdırmanın başa çatdırılması üçün büdcədən ayırmalar vaxtında olmalıdır ki, bu problemlər həll olunsun.
Eyni zamanda, Biləsuvar–İmişli yolu müasir Azərbaycana yaraşmayan bir yoldur, bu yolun inşası başa çatdırılmalıdır.  Bir də mən bizim hörmətli təhsil nazirimizlə söhbətimdə qeyd etdim, İmişli və Beyləqan rayonlarında, xüsusilə Qızılkənd kəndində 190 nəfərə hesablanmış bir məktəb var, ancaq o məktəbdə 300 nəfər təhsil alır. Üzr istəyirəm, 490 nəfər təhsil alır. Bu məktəbin də yenidən qurulması istiqamətində müəyyən işlər görülməlidir.
Eyni zamanda, mən bazara nəzarəti, xüsusilə bazarda qiymətlərin qalxmasının qarşısının alınması üçün addımlar atılmasını...
Sədrlik edən. Sağ olun. Azər Badamov.
A.Badamov. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli hökumət üzvləri və həmkarlar!  Diqqətimizə təqdim olunmuş dövlət büdcəsi layihəsi ölkəmizin bu gününün reallıqlarını və gələn ilin çağırışlarını nəzərə alaraq hazırlanmışdır. Reallığımız odur ki, dövlət başçımızın düşünülmüş, sosial-iqtisadi siyasəti nəticəsində geniş spektrli  iqtisadi islahatlara start verilmiş, iqtisadiyyatın neftdən asılılığının aradan qaldırılması istiqamətində atılan addımlar öz nəticəsini verməyə başlamış, manatın məzənnəsi xarici valyutalar qarşısında sabitləşmiş və 2017-ci ildə Azərbaycanda makroiqtisadi sabitlik təmin olunmuşdur. Cari ilin reallıqları 2018-ci ilin dövlət büdcəsinin 2017-ci ildəkinə nisbətən artımla nəzərdə tutulmasına imkan vermişdir. 2018-ci ilin dövlət büdcəsi layihəsindən göründüyü kimi, xərclərin 33,5 faizinin sosialyönümlü olması onu göstərir ki, dövlət siyasətimizin təməlində Azərbaycan vətəndaşı  və insanların rifahının yaxşılaşdırılması dayanır.
Düşünürəm ki, 2018-ci ildə ölkəmizdə sənayeləşmə prosesi sürətlənəcək, yeni müəssisələrin açılışları olacaq və gələcək illərdə dövlət büdcəmizin daha çox artımla layihələndirilməsinə imkanlar yaranacaqdır. Sənaye müəssisələrinin açılışı istiqamətində regionlarda emal sənayesinin inkişaf etdirilməsinə daha böyük ehtiyac vardır. Müstəqilliyimizin ilk illərində regionlarda yerləşən emal müəssisələri özəlləşdirilmiş, lakin  illərdir ki, istifadə olunmur və dağıdılmış vəziyyətdədir. Belə müəssisələr təmsil olunduğum Qusar rayonunda da var. Çox təəssüf ki, zavodları özəlləşdirmiş şəxslər nəinki bu müəssisələrdən istifadə etmirlər, hətta onları dirçəltmək istiqamətində də heç bir addım atmırlar. Dövlət başçımızın aqrar sektora yüksək diqqətlə yanaşdığı və kənd təsərrüfatının sürətlə inkişaf etdiyi bir zamanda emal zavodlarının dirçəldilməsinə böyük ehtiyac var. Zavodları almış şəxslərin qabağında dövlət tərəfindən şərt qoyulmalıdır ki, ya özləri işlətsinlər, ya da işlədə biləcək sahibkarlara versinlər. Əgər həmin  müəssisələrin iş fəaliyyəti bərpa edilərsə, bu həm regionlarda yeni iş yerləri, həm də ixrac yönümlü məhsulların istehsalını artırmaqla dövlət büdcəsinə gələcək gəlirlərin yeni mənbəyi deməkdir.
 Dövlət büdcəsinin layihəsi komitələrdə müzakirə olunan zaman həmkarlarım mədəniyyətə ayrılan vəsaitin azlığı ilə bağlı fikirlər səsləndirmişdilər. Qeyd etmək istəyirəm ki, mədəniyyətin inkişaf etdirilməsi istiqamətində dövlət başçımız mütəmadi sərəncamlar imzalayır, layihələr  icra edilir. Mədəniyyətimizin inkişafı və dünyada tanıdılmasında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın əməyi əvəzolunmazdır. Ona görə də biz mədəniyyətin inkişafına xüsusi yanaşma  etməliyik və ayrılan vəsaitlərə yenidən baxmalıyıq.
Qeyd etmək istəyirəm ki, rayonlarda yerləşən mədəniyyət şöbələri 2017-ci ildən regionlaşdırılmışdır. Bu, yaxşı haldır. Amma vəsaitin azlığından regionlarda müəyyən ixtisarlar həyata keçirilir. Məsələn, təmsil olunduğum Qusar rayonunda 2017-ci ildə 4 kənd kitabxanasının və 3 kənd mədəniyyət evinin fəaliyyəti dayandırılmışdır. Bu da 17 nəfər mədəniyyət işçisinin ixtisar edilməsi deməkdir. Guya ki, bu, əmək haqqı fonduna 27 min manat qənaət edilməsi ilə nəticələnmişdir. Əgər mədəniyyət işçilərinin böyük məvacib almadığını nəzərə alsaq, kənd yerlərində 17 nəfər işçinin saxlanması  dövlət büdcəmiz üçün böyük bir vəsait  deyil. Biz kitabxana və mədəniyyət evlərini ixtisar deyil, təmir edib müasirləşdirməliyik. Çünki mədəniyyət evləri və kitabxanalar insanların intellekt səviyyəsinin, mədəniyyətin inkişafına xidmət edir. Hörmətli maliyyə  nazirimizdən və mədəniyyət nazirimizdən bu istiqamətə diqqət yetirmələrini xahiş edirəm.
Ölkə başçımızın diqqət və qayğısı sayəsində Azərbaycanda 11 min kilometrdən çox müasir asfalt örtüklü yollar salınmışdır. 2017-ci ildə 40 yol layihəsi çərçivəsində yüzlərlə kəndi birləşdirən asfalt yollar çəkilmişdir. Bu infrastruktur layihələri təmsil olunduğum Qusar rayonunda da yüksək səviyyədə icra olunur. Rayonumuza olan yüksək diqqət və qayğıya görə cənab Prezidentə seçicilərim adından minnətdarlığımı bildirirəm.
Ölkəmizdə kənd yollarının yenidən qurulması 2018-ci ilin sosial investisiya proqramlarında prioritet hesab olunur. Ona görə də seçicilərimin daim narahatlıqla ifadə etdikləri strateji əhəmiyyətə malik   Həzrə–Sudur yolunun yenidən qurulmasının vacibliyini hökumət üzvlərinin diqqətinə çatdırmaq istəyirəm. 11 kəndi birləşdirən, 29 kilometr uzunluqda olan Həzrə–Sudur yolu ölkəmizdə turizmin inkişafı ilə bağlı elan olunmuş regenerasiya zonasına da düşür. Qeyd etmək istəyirəm ki, yağışlı və qarlı havalarda yol keçilməz halda olur və  11 kəndin sakinləri ilə yanaşı, bu yoldan istifadə edən digər insanlar da böyük çətinliklərlə qarşılaşırlar. Mən müvafiq qurumlardan Həzrə–Sudur yolunun yenidən qurulmasını 2018-ci ilin investisiya proqramına salmalarını xahiş edirəm.
Ölkəmizdə içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində böyük investisiya layihələri icra olunur. Belə  böyük bir layihə Qusar şəhərində də yüksək keyfiyyətlə icra olunmuşdur. Fürsətdən istifadə edərək layihənin icrasında iştirak etmiş şəxslərə yüksək keyfiyyətli iş gördüklərinə görə təşəkkürümü bildirmək istəyirəm. Qusar şəhəri 24 saat fasiləsiz təmiz içməli su və kanalizasiya sistemləri ilə təmin olunmuşdur. Amma Qusarda Samur adında bir qəsəbə var. Samur qəsəbəsi Samur gömrük məntəqəsinin sərhəd postu olan yerdə, Rusiya Federasiyası  ilə sərhəddə yerləşir. Samur qəsəbəsini su ilə 6 kilometr uzunluqda olan su kəməri təmin edir. Kəmər 1960-cı illərdə çəkilmiş və təbii təsirlərdən tam yararsız vəziyyətə  düşmüşdür. Hazırda qəsəbəyə su Samur kanalından birbaşa nasos vasitəsilə fasilələrlə verilir. Yay ayları gələndə qəsəbədə su çatışmazlığı problemi daha da böyüyür. Sakinlər  seçdikləri deputat olaraq mənə və rayon icra hakimiyyətinə problemin həlli ilə əlaqədar dəfələrlə müraciət ediblər. Məsələ ilə bağlı əlaqədar qurumlara sorğu da göndərmişəm, amma təəssüf ki, bu məsələ hələ də öz həllini tapmayıb.  
Müvafiq qurumlardan 2018-ci ildə qəsəbənin magistral yolunun da bərpasına kömək etmələrini xahiş edirəm. Büdcə layihəsini dəstəkləyirəm. Diqqətinizə görə təşəkkür edirəm. Sağ olun.
Sədrlik edən.  Sağ olun. Elçin Quliyev.
E.Quliyev. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət nümayəndələri!  Bu gün bizə “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci və 23.7-ci maddələrinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi təqdim olunmuşdur. Qanun layihəsi əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin davam etdirilməsi, bank-maliyyə sistemində dayanaqlığın təmin olunması, ölkənin xarici və daxili borc öhdəliklərinin tənzimlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu onu göstərir ki, 2018-ci ilin büdcə layihəsi mükəmməl hazırlanmışdır. Qlobal iqtisadiyyatın bərpa olunması və bu meyillərin güclənməsi nəticəsində neftin qiyməti ötənilki azalmadan  sonra 60 ABŞ dolları civarındadır. Neftin qiymətinin sabitləşməsi fonunda struktur islahatların aparılması ölkənin iqtisadi və sosial inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Bu islahatların səmərə verməsi təbii ki, qısa müddət ərzində mümkün olmayacaq və müəyyən vaxt tələb edəcəkdir.
Son illər ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında aparılan struktur islahatlar  keyfiyyətcə  yeni prioritetləri müəyyən edərək innovasiya əsaslı inkişaf modelinə keçidi şərtləndirmiş, yüksək rəqabət qabiliyyətli və diversifikasiya olunmuş iqtisadiyyatın formalaşdırılmasını sürətləndirmişdir. Azərbaycanda yaradılmış böyük iqtisadi potensial və aparılan məqsədyönlü islahatlar, iqtisadiyyatın şaxələndirilməsi, investisiyaların təşviqi, biznes mühitinin yaxşılaşdırılması, qeyri-neft ixracının stimullaşdırılması, iqtisadi idarəetmənin təkmilləşdirilməsi və digər tədbirlər iqtisadiyyatın davamlı inkişafını təmin edəcəkdir. Dövlət büdcəsini təhlil edərkən ümumi makroiqtisadi siyasətin tərkib hissəsi olan büdcə-vergi siyasətinin real gözləntilər  üzərində qurulduğunu, onun ortamüddətli gəlirlər və xərclər üzrə öhdəliklərdən kənara çıxmadığını, fiksal şəffaflığın büdcə vəsaitlərinin xərclənməsinə nəzarətin gücləndirilməsi prinsipləri əsasında qurulduğunu qeyd etmək olar. Bütün bunlar, sözsüz ki, ölkənin əsas hərəkətverici qüvvəsi olan özəl sektorun inkişafını stimullaşdırmaq və ona yeni istehsal sahələrini qurmaq üçün lazımi şərait yaratmaq deməkdir. Bu sahədə İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış və ölkə başçısının imzaladığı sənədləri, hazırda uğurla həyata keçirilən islahat tədbirlərini xüsusi qeyd etmək istəyirəm. Ələtdə yaradılmış xüsusi iqtisadi zona, bir neçə sənaye parkı, sənaye məhəllələri, aqroparkları göstərmək olar. Təmsil etdiyim Sabirabad rayonunda sənaye məhəlləsinin yaradılmasının rayonun sosial-iqtisadi  inkişafında mühüm rol oynadığını qeyd etmək istəyirəm. Hazırda bu istiqamətdə intensiv işlərin aparılmasına görə öz təşəkkürümü bildirirəm.
Hökumət üzvlərinin burada  olmasından istifadə edərək deputat seçildiyim 63 saylı Sabirabad seçki dairəsi ilə bağlı bir vacib məsələni diqqətinizə çatdırmaq istəyirəm. Cənab Prezidentimizin tapşırığına əsasən respublikanın bütün rayonlarında su-kanalizasiya sistemləri yenidən qurulur. Sabirabad rayonunda da yeni, müasir su xətləri çəkilərək, şəhər sakinlərinin istifadəsinə verilib. Lakin kanalizasiya xətlərinin çəkilişi planda olmadığı üçün bu iş icra olunmayıb. 2018-ci ildə Sabirabad rayonunun mərkəzində kanalizasiya xətlərinin çəkilməsini bütün Sabirabad sakinləri adından xahiş edirəm. Hörmətli hökumət üzvlərinin burada olmasından bir daha istifadə edərək şəhərdaxili yollara asfalt örtüyü çəkilməsinin də nəzərdə saxlanmasını xahiş edirəm.
Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan qanun layihəsini dəstəkləyirəm və onun qəbul olunmasına səs verəcəyəm. Diqqətinizə görə minnətdaram. 
Sədrlik edən. Sağ olun. Fuad Muradov.
F.Muradov. Çox sağ olun. Hörmətli Oqtay müəllim, hörmətli hökumət üzvləri, dəyərli həmkarlar! 2018-ci ilin büdcə layihəsi  olduqca  təkmil bir sənəddir. Layihədən də görünür ki, keçən illə müqayisədə əksər istiqamətlər üzrə  proqnozlaşdırılan vəsaitlərdə artım var. Bu da təbii ki, cənab Prezidentin ardıcıl və uğurlu siyasətinin nəticəsidir. Dövlət başçısının qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın neftdən asılılığının azalması istiqamətində qəbul etdiyi qərarlar, verdiyi tapşırıqlar öz bəhrəsini verməkdədir. Bunu büdcə layihəsində də aydın şəkildə görmək mümkündür. Ümumiyyətlə, bütün istiqamətlərdə  artım var və bu, bir daha onu göstərir ki, cənab Prezidentin hökumət qarşısında qoyduğu tapşırıqlar yüksək səviyyədə həyata keçirilir. Mən buna görə dövlət qurumlarına öz təşəkkürümü bildirirəm ki, onlar əksər istiqamətlərdə artımı təmin ediblər.
Gənclər və idman sahəsində də artımlar var.  Hörmətli həmkarlarım, siz bilirsiniz ki, cənab Prezident tərəfindən “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı qəbul olunub.  Bu proqramda, demək olar ki, gənclərin asudə vaxtdan səmərəli istifadəsi, intellektual oyunlar,  Azərbaycan bayrağının dalğalanması istiqamətində həyata keçirən mərhələlərlə bərabər, eyni zamanda, asudə vaxtın təşkilində xüsusi rol alan  Gənclər evlərinin dövlət tərəfindən maliyyələşməsi  məsələsi də var. Cənab Prezident bir qrup gənci qəbul edərkən bu proqramın müzakirəsində çox aydın şəkildə səmərəli məşğulluğun, asudə vaxtın təşkilinin yaxşı səviyyədə həyata keçirilməsi üçün dövlət proqramına öz töhfə və təkliflərimizi verməyi tapşırdı. Təbii ki, bu gün Azərbaycanın elə bölgələri var ki, o bölgələrdə asudə vaxtın təşkili, səmərəli məşğulluq, idman qurğuları və digər istiqamətlərdə böyük nailiyyətlər var. Ümumiyyətlə, digər sahələrdə olduğu kimi, gənclər və idman sahəsində də ölkə başçısı cənab İlham Əliyevin yüksək diqqət və qayğısı hər zaman hiss olunur. Biz bunu idmançılarımızın müxtəlif idman növlərində əldə etdiyi uğurlarda açıq şəkildə görürük. “Qarabağ” futbol klubunun əldə etdiyi uğurlar, şahmat üzrə  komandamızın çempion adını qazanması, cüdo və digər istiqamətlər üzrə nailiyyətlər bunu bir daha göstərir. Bu, məhz dövlət başçısının idman sahəsinə qayğısının və diqqətinin bilavasitə nümunəsidir.
Mən xüsusi vurğulamaq istəyirəm ki, bizim boks, taekvando üzrə milli komandalarımız çox yüksək nailiyyətlər əldə ediblər. Bu yaxınlarda gimnastika üzrə gənc idmançımız da böyük  uğur qazanıb. Təbii ki, bütün bunlar idmançılar, idman siyasətini həyata keçirən qurumlar qarşısında müəyyən vəzifələr qoyur və mən inanıram ki, bu sahəyə daha çox maliyyənin ayrılması daha çox uğurun əldə edilməsi ilə bağlıdır. Yəni gənclər və idman sahəsi xüsusi bir sahədir. Buraya investisiya qoyulmasa, təbii ki, nailiyyətlər də çətin əldə oluna bilər. Bütün dünyada  idman sahəsi prioritet sahə kimi qəbul olunub. İdmançılarımız dövlət başçısının etimadını əminəm ki, doğrulda biləcəklər. Büdcə layihəsində konkret istiqamətlərə ayrılan vəsaitlərə gəldikdə isə mən inanıram ki, dövlət gənclər proqramının həyata keçirilməsində biz müxtəlif dövlət qurumları ilə fəaliyyət göstərərək buna nail olacağıq. Gənclər və İdman Nazirliyinin də fəaliyyəti göz qabağındadır. Bu gün böyük idman tədbirlərinin həyata keçirilməsində məhz Gənclər və İdman Nazirliyi, müxtəlif idman federasiyaları yaxından iştirak edir.
Hörmətli Oqtay müəllim, xüsusi qeyd etmək istəyirəm ki, bu gün bizə təqdim olunan büdcə çox düşünülmüş şəkildə hazırlanıb. Yəni burada bəzi çıxışlarda eşidirik, onlar müqayisə aparırlar, amma biz müqayisəni 10–15 il bundan qabaqkı vaxtla aparmalıyıq. Ekspertlər belə bir fikirdə idilər ki, Azərbaycan büdcəsi tam neftdən asılıdır. Azərbaycanda həyata keçirilən islahatlar bəs eləmir. Amma bu gün bizə təqdim edilən büdcə açıq-aydın göstərir ki, Azərbaycanda həyata keçirilən islahatların böyük rolu var. Bu islahatlarda parlamentin də öz yeri var. Bunların nəticəsidir  ki, bu gün Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir. Ümumiyyətlə, hökumətlə əhali arasında cənab Prezidentin həyata keçirdiyi siyasət çox böyük sevgi ilə qarşılanır.
Eyni zamanda, bəzi məsələlər var ki, Oqtay müəllim, mən xüsusi vurğulamaq istəyirəm. Büdcədə sosial mənzillər və ipoteka ilə bağlı artım var. Biz millət vəkilləri olaraq bu məsələləri tez-tez qaldırırıq. Amma bu gün bizə təqdim olunan büdcədə açıq-aydın görürük ki, ipotekanın həyata keçirilməsinə iki dəfə çox maliyyə vəsaiti ayrılıb. Cənab Prezident tərəfindən sosial mənzillərin tikintisi, agentliklərin yaradılması, Mehriban xanım tərəfindən qəzalı binalarla, qaçqınlar və məcburi köçkünlərlə bağlı həyata keçirilən layihələr göz qabağındadır. Bu büdcədə, eyni zamanda, bizim sahibkarlığa da müəyyən dəstəyimiz görünür. Mən inanıram ki, sahibkarlar bundan düzgün istifadə edəcəklər.  Eyni zamanda, siz bilirsiniz ki, Azərbaycan bu gün yeni islahatlar həyata keçirir. Bunlar müxtəlif innovativ layihələrlə bağlıdır. Eyni zamanda, Azərbaycanda yeni korporasiya yaradıldı. Biznesin inkişafı üçün yeni mərhələlər açılacaq, mən inanıram ki, dövlət büdcəsində  bu istiqamətdə də işlər görüləcək.
Amma bir neçə məsələ var ki, mən onları sadalamaq istəyirəm. Təbii ki, təhsil sahəsində bu gün çox sürətlə islahatlar gedir. Ancaq yenə də biz təhsildən danışırıq. Bu, birgünlük, biraylıq, birillik proses deyil. Buna mütləq şəkildə uzun bir zaman lazımdır. Bugün təhsil sahəsindəki inkişafı görürük, bunu dəstəkləyirik və inanıram ki, bu istiqamətdə işlər davam edir, gələcəkdə də davam edəcək. Sadəcə, Gənclər və idman komitəsi olaraq bizə çoxlu gənclər müraciət edir və  bu müraciətlərin əsasında biz görürük ki, təəssüflər olsun, son zamanlar bizim gənclərimizin təhsil haqqı ödəməklə bağlı müəyyən problemləri başlayıb. “Maarifçi” Tələbə Kredit Fondu yaradılıb. Fondun təsisçiləri də məhz ali məktəblərdir. Mən çox istərdim ki, həmişə olduğu kimi, bu məsələyə də Maliyyə Nazirliyi baxsın. Bu gün bizə müraciətlər çoxdur. Bizim belə bir nümunəmiz var. Vaxtilə Gənclər Fondu yaradıldı və bir çox gənclərimiz fərdi layihələri ilə bağlı oraya müraciət eləyə bildilər. İndi “Maarifçi” Tələbə Kredit Fondunun da  büdcədən maliyyələşməsinə və yaxud hansısa bir formada həll olunmasına baxmalıyıq. Mən inanıram ki, Təhsil Nazirliyinin bu təşəbbüsü mütləq şəkildə dəstəklənməlidir və biz də millət vəkilləri olaraq bunu dəstəkləməyə hazırıq. Eyni zamanda, ali təhsilin əlçatanlığı ilə bağlı müəyyən məsələlər var. Siz bilirsiniz, dövlət sifarişi ilə oxuyan tələbələrimiz var. Mən statistika ilə sizi yormaq istəmirəm, amma statistika göstərir ki, bu istiqamətdə azalmalar var. Mən çox istərdim ki, ali məktəblər bu məsələni qaldırsınlar, çünki ali məktəblər bir tərəfdən daha çox müstəqillik, ikinci tərəfdən isə daha çox maliyyələşmə istəyirlər. Təbii ki, burada  böyük yük ali təhsil müəssisəsinin üzərinə düşür.
Oqtay müəllim, bir neçə dəfə bu məsələni Milli Məclisdə qaldırmışdım. Bu, “Azəristiliktəchizat” ASC-nin fəaliyyəti ilə bağlıdır. Mən Artur müəllimə öz təşəkkürümü bildirirəm, bu məsələ, təbii ki, onun səlahiyyətində deyil, amma biz məsələnin həllinə görə məcburuq belə xırda məsələlərlə bağlı Baş nazirə müraciət edək.  Mənim təmsil etdiyim Xətai rayonunda, vaxtilə sənaye rayonu olub, müxtəlif kombinat və zavodların yataqxanaları indi də qalır. O yataqxanaların müəyyən hissəsi sökülüb, amma böyük bir hissəsi qalıb, onlarda çox ciddi istilik problemləri var. Mən bilmirəm, bu istiqamətdə hansı addımı atmalıyam, amma düşünürəm ki, hüquq mühafizə orqanları bu işə baxmalıdırlar, çünki bu gün biz iki qurum  – “Azəristiliktəchizat”la “Azəriqaz” arasında qalmışıq. Məktublar məndədir, əgər bu, dövlət müəssisəsi kimi fəaliyyət göstərə bilmirsə, çox yaxşı olar ki, bizim bu işə baxan dövlət qurumlarımız onun özəlləşdirmə məsələsini qaldırsınlar. Eyni zamanda, xüsusi olaraq Hesablama Palatasının fəaliyyətini qiymətləndirmək istəyirəm. Yəni bu gün Hesablama Palatasının kifayət qədər səlahiyyəti var, onlar bundan  çox düzgün istifadə edirlər, inanıram ki, gələcəkdə də bu belə olacaq.
Sonuncu məsələ ilə bağlı, Oqtay müəllim, bu gün biz hamımız Bakı şəhərində vəziyyəti görürük. Təmizliklə bağlı çox ciddi məsələlər var. Cənab Prezidentin tapşırığı ilə Balaxanı zibil emalı zavodu tikilib,  fəaliyyət göstərir. Amma təəssüflər olsun ki, Bakı şəhərində olan bəzi problemlər, xüsusən də təmizliklə bağlı problemlər bizi narahat edir. Mən inanıram ki, gələcəkdə bu da həll olunacaq. Mən büdcəni dəstəkləyirəm və ümid edirəm ki, bu istiqamətdə həyata keçirilən islahatlar bundan sonra da davam edəcək, biz də hamımız bu sənədə səs verəcəyik. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Eldar İbrahimov.
E.İbrahimov.  Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli deputat həmkarlarım və hörmətli hökumət üzvləri! Mən öz çıxışıma noyabrın 14-də Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimində Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin söylədiyi nitqindən bir məqamı nəzərinizə çatdırmaqla başlamaq istəyirəm. Hörmətli Prezidentimiz qeyd etdi ki, 1993–2003-cü illər tariximizdə sabitlik, islahatlar və inkişaf illəri kimi qalacaq. Azərbaycanda bugünkü sürətli inkişafın da  təməli o illərdə qoyulmuşdur. Sonrakı 14 il ərzində Azərbaycan ulu öndər Heydər Əliyevin siyasətinə sadiq qalaraq uğurla, inamla inkişaf  edib. Bu gün Azərbaycan güclü ölkəyə çevrilib. Azərbaycan heç vaxt indiki qədər güclü olmamışdır. Bu fikirlər reallığı tam əks etdirir. Müzakirə etdiyimiz büdcə layihəsi bunu bir daha sübut edir. Gələn ilin büdcə gəlirləri və xərclərinin 20 milyard manatdan çox olması onu göstərir ki, müstəqilliyinin son 25 ili ərzində Azərbaycanda mövcud iqtidarın həyata keçirdiyi iqtisadi siyasət çox düzgün siyasət olmaqla, onun əsas prinsipi Azərbaycan dövlətinin və Azərbaycan xalqının milli və dövlət maraqlarını təmin etmək, ölkəmizin iqtisadi qüdrətini daim artırmaq və beynəlxalq aləmdə Azərbaycanı müstəqil siyasət yeridən böyük nüfuza malik bir ölkə kimi tanıtmaqdır. Bu məqsədlə ölkəmizdə dünya iqtisadiyyatı və siyasətində baş verən dəyişikliklərə və çağırışlara uyğun olaraq əsaslı işlər görülür. “Azərbaycan Respublikası regionlarının 2014–2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın uğurla icra olunması, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası, Azərbaycan Respublikası Prezidentinin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” imzaladığı fərman, həmçinin müxtəlif məsələlərə dair qəbul edilmiş proqramlar yaxın vaxtlarda ölkə iqtisadiyyatında ixracın həcminin çoxalması, idxalı əvəz edən məhsulların istehsalının və rəqabət qabiliyyətinin artırılması, məşğulluq səviyyəsinin yüksəlməsi, investisiyaların və müasir texnologiyaların cəlb edilməsi, innovasiyaların tətbiqi kimi prioritet vəzifələrin həyata keçirilməsini təmin edəcəkdir. Bütün məsələlərin həllində əsas yük dövlətin üzərinə düşür və hər il dövlət büdcəsindən  göstərilən məqsədlər üçün vəsait ayrılır. Qeyri-neft sektorunun prioritet istiqamətlərindən biri olan aqrar sahədə də intensivləşməni genişləndirmək, məhsuldarlığı artırmaq üçün regionlarda aqroparklar və iri təsərrüfatlar yaradılır.
2018-ci ilin büdcə layihəsində həmişə olduğu kimi, möhtərəm Prezidentimizin diqqət və qayğısı sayəsində kənd təsərrüfatı tədbirlərinə 617 milyon manat büdcə vəsaitinin ayrılması nəzərdə tutulur ki, bu da cari ilin gözlənilən icra göstəricisindən 30 faiz çoxdur. Həmkarlarımın yadında olar, əvvəlki illərdə kənd təsərrüfatına 450–500 milyon manat vəsait ayrılmasını arzu edərdik. Gələn il bu artıq reallığa çevriləcək. Necə deyərlər, hər şeyin öz vaxtı var.  Əgər bir neçə il bundan qabaq həmin vəsait ayrılmış olsaydı belə, biz bu vəsaiti səmərəli xərcləyə bilməzdik. Çünki indi aqroparkların yaradılması, iri fermer təsərrüfatlarının təşkili, çoxsaylı emal müəssisələrinin tikintisi, bəzi məhsulların son istehlak  malına kimi emalı və digər məsələlərin həlli üçün hazırlıq xarakterli çox işlər görmək lazım idi. Bu işlər artıq yerinə yetirilib. İndi biz yeni və müasir çağırışlara cavab verən prioritetləri həyata keçirə bilərik. Aqrar sahədə islahatların aparılmasına bu il büdcə vəsaiti nəzərdə tutulmadığı halda, gələn il büdcədən 80 milyon manat vəsait ayrılacaqdır. Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 249 milyon manat büdcə vəsaiti ayrılması nəzərdə tutulur ki, bu da cari ilin gözlənilən icrasına nisbətən 25 faiz çoxdur. Eyni zamanda, baytarlıq və fitosanitar nəzarəti xidmətlərinə, habelə kənd təsərrüfatında elmi xərclərə ayrılan büdcə  vəsaitləri xeyli artırılmışdır. Bütün bunlar onu deməyə əsas verir ki, ölkəmizdə büdcə vəsaitləri hökumətin çox düzgün müəyyən etdiyi prioritet istiqamətlərə xərclənir.
Hörmətli həmkarlar, biz keçən il “Kənd təsərrüfatı kooperasiyası haqqında” Qanun qəbul etdik və bu il hörmətli Prezident “Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017–2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında  sərəncam imzalayıb. Bununla əlaqədar yaxşı olar ki, dövlət büdcəsində bu proqramda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün müvafiq orqanlara vəsait ayrılması nəzərdə tutulsun. Ancaq bu halda  konkret nəticə əldə etmək olar.
Mən Naxçıvan şəhərindən seçilən deputat kimi muxtar respublikanın blokadada olmasını nəzərə alaraq onun büdcəsinin formalaşmasına diqqətlə yanaşdıqlarına görə hörmətli Prezidentimizə, nazirimiz Samir Şərifova və büdcənin tərtibində iştirakı olan hər kəsə minnətdarlığımı bildirirəm. Naxçıvanın büdcəsinin gələn il bu ilə nisbətən 4,8 milyon manat artırılması nəzərdə tutulur ki, bunun da 1,8 milyon manatı yerli gəlirlər, 3 milyon manatı isə dotasiya hesabına təmin ediləcək. Xahişim ondan ibarətdir ki, muxtar respublikanın vəziyyəti nəzərə alınaraq dotasiyanın həcminin bir qədər artırılmasına yenidən baxılsın. Məlumdur ki, büdcə gəlirlərinin bu qədər formalaşması, əsasən, Vergilər Nazirliyi və Gömrük Komitəsinin fəaliyyəti ilə əlaqədardır. Ümid edirik ki, həmişə olduğu kimi, gələn ildə də onların rəhbərlərinin, əməkdaşlarının əzmkarlığı sayəsində üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə gələcəklər. Hesab edirəm ki, təqdim edilmiş qanun layihəsi “Büdcə sistemi haqqında” Qanunun tələblərinə uyğun tərtib edilmiş, ölkəmizin sosial-iqtisadi inkişafına yönəlmişdir. Mən onu dəstəkləyirəm, layihənin lehinə səs verəcəyəm və deputat həmkarlarımızı da səs verməyə çağırıram. Sağ olun.
Sədrlik edən. Sağ olun. Bahar Muradova.
B.Muradova. Təşəkkür edirəm, Oqtay müəllim. Hörmətli millət vəkilləri,  hörmətli hökumət nümayəndələri! Mən məlumat üçün demək istəyirəm ki, plenar sessiyaya qədər komitələrdə müzakirələr zamanı biz bir çox məsələləri diqqətə çəkdik və xüsusilə 5 komitənin iştirakı ilə keçirilən son müzakirələrdə,  əsasən, insan kapitalı və onun inkişafına dair məsələlər diqqət mərkəzində oldu. Ümumiləşmiş şəkildə onu söyləmək istəyirəm ki, biz bu sahədə atılan addımlar, cənab Prezidentin yeritdiyi siyasətin qarşımıza çıxartdığı vəzifələr, problemlər və gələcək perspektivlər barədə ciddi fikir mübadiləsi apardıq. Hesab edirəm ki, çox faydalı müzakirələr oldu. Təkrara yol verməmək məqsədi ilə bir-iki istiqaməti qeyd etmək istəyirəm. Komitə iclaslarında səslənən fikirlərin hamısını burada demək imkanımız olmur, hesab edirəm, buna ehtiyac da yoxdur. Ümumiləşmiş şəkildə desək, vəziyyət yaxşıdır, inkişaf ənənəsi hiss olunur və sürət getdikcə artır. Amma əlbəttə ki, həm qalmış problemlər var, həm də inkişafın özünün doğurduğu bir sıra problemlər var, biz onları aradan qaldırmalıyıq. Aradan qaldırmaq üçün büdcə təminatı olmalıdır. Mən göstərə bilməyəcəyəm ki, söylədiyim sahələr üzrə mənbələr haradadır, onları tapmaq, hesab edirəm, hökumətin vəzifəsidir, amma bu məsələləri səsləndirməyə ehtiyac duyuram. İnsan kapitalının inkişafı əlbəttə ki, onun müxtəlif sahələrdə hüquqlarının qorunmasının təmin olunmasını tələb edir. Siyasi, iqtisadi, sosial, mədəni sahələrdə hüquqların qorunması  baş verəcəksə, biz, həqiqətən də, hökumət və dövlət olaraq qarşımıza qoyduğumuz vəzifələri yerinə yetirmək iqtidarında  olduğumuzu söyləyə biləcəyik.
Burada səsləndi, dolayısı ilə insan hüquqlarına təsir göstərən bir sıra amillər var ki, bunlar xüsusilə hüquq mühafizə orqanlarının, təhlükəsizlik orqanlarının və məhkəmə orqanlarının fəaliyyəti ilə bağlıdır. Vəkillərin işlərinin çoxluğu, hakimlərin və müstəntiqlərin fəaliyyəti zamanı üzləşdikləri çətinliklər, hesab edirəm ki, dolayısı ilə və bilavasitə insan hüquqlarına mənfi təsirini göstərməkdədir. Mən səslənən fikirlərin tərəfdarıyam ki, hakimlərin sayının artmalı olduğunu və bunun da büdcədə təminatı olmasının vacibliyini bir daha vurğulamalıyıq. Azərbaycanda vəkillər sahəsində problemlər çox ciddidir və bu yaxınlarda qəbul etdiyimiz qanun özü də bu sahədə ciddi addımların atılmasını tələb edir. Bizim vəkil rolunu oynayan bir sıra müdafiəçilərin  fəaliyyətini tənzimləmək üçün atdığımız addımlar vəkillərin sayının artırılması və təminatının müəyyənləşdirilməsini vacib edir. Bu sahədə vətəndaşların  hüquqlarının obyektiv səbəblərdən pozulmasından söhbət getmir. İş yükünün çoxluğu, işlərin yaxşı araşdırılmaması, müdafiənin səviyyəli şəkildə təmin olunmaması, istintaqın gedişində bir çox məsələləri aydınlaşdırmağın mümkün olmaması məhkəmə baxışı zamanı prosedurların pozulması hallarına gətirib çıxarır və təbiidir ki, nəticəsindən, verilən hökmdən, aparılan istintaqdan narazı qalan vətəndaşlar öz hüquqlarının pozulduğu qənaətinə gəlirlər və onun qorunması üçün müvafiq qurumlara müraciət edirlər. Belə müraciətlərə  fəaliyyətim zamanı mən də çox rast gəldiyim üçün  hesab edirəm ki, bu sahədə hüquq mühafizə orqanlarının, təhlükəsizlik və məhkəmə hakimiyyətinin insan hüquqlarını real şəkildə qorumasını təmin edəcək  islahatları, dəyişiklikləri etməyə ciddi ehtiyac vardır və bu məsələni çox gözlətmək olmaz.
İkinci bir istiqamətlə, qaçqın və köçkünlərin vəziyyəti ilə bağlı söyləmək istəyirəm. Doğrudur, bu sahədə görülən işlər çoxdur, mən onları sadalamayacağam, biz onları yaxşı bilirik. Amma nə qədər  çox iş görülürsə, bir o qədər də işin görülməsinə ehtiyac üzə çıxır. Çünki bu insanların hamısı Azərbaycan vətəndaşlarıdır. Harada məskunlaşmasından, kimə məxsus obyektdə məskunlaşmasından, kimin evində yaşamasından asılı olmayaraq, o da evlə təmin olunmasını istəyir və Azərbaycan hökumətindən bu tələbinin yerinə yetirilməsini xahiş edir. Xüsusilə qəzalı evlərdə yaşayanların ilk növbədə köçürülməli olduqları qənaətini mən qəbul edirəm, bu çox vacibdir, bunu tezliklə həyata keçirmək lazımdır. Bir də, ayrı-ayrı evlərdə və ayrı-ayrı özəlləşdirilmiş müəssisələrin həyətində köməkçi və ya qeyri-yaşayış sahələrində yaşayan köçkünlər var ki, onların vəziyyəti, həqiqətən də, çox ağırdır. Nəzərdə tutaq ki, onlar yataqxanalarda, pansionatlarda deyillər və ilk növbədə köçürüləsi insanların siyahısına da aid deyillər, amma onların vəziyyəti, həqiqətən də, acınacaqlıdır. Bu istiqamətdə də diferensial yanaşmaya ehtiyac var.
Əli müəllim, mən bilirəm ki, Siz bu sahənin bütün incəliklərini bilirsiniz və bu məsələləri bəlkə də qaldırmısınız. Bəlkə də bu istiqamətdə addımlar atılması üçün fikirlər var. Amma bir daha onun möhkəmlənməsi üçün söyləmək istəyirəm. Şəhid ailələri bizdə güzəştli təbəqənin ən öndə gedənləridir. Biz ilk növbədə imkanlarımızı məhz onların təminatına yönəldirik. Bir var öz rayonunda, öz yurdunda yaşayan şəhid ailəsi, bir də var ki, qaçqın. Tutalım, Ağdam rayonundan, Zəngilan rayonundan Bakı şəhərində, ölkənin digər rayonlarında yaşayan köçkünlər var ki, şəhid ailələridir və onların ümumi qaydada siyahıya alınaraq ev növbəsinə götürülməsi məsələsi mümkün olmur. Onlar yaşadıqları rayonlarda bu siyahılara alınmırlar, bu güzəştli təbəqənin siyahısına daxil edilmirlər, öz rayonları yoxdur, yaxud tutalım, Füzulidən olanlar Bakıda yaşayırlar, bunlar Füzulidə ümumi siyahıya götürülə bilmirlər. Hesab edirəm ki,  qaçqın, köçkün təbəqəsi içərisində şəhid ailələrinin ümumi bir siyahıya alınmasına və onların harada məskunlaşmasından asılı olmayaraq, ilk təmin olunmalı təbəqələr kimi qəbul olunmasına ehtiyac var. Söylədiyim kimi, ayrı-ayrı fərdi evlərdə yaşayanlardan ən ağır vəziyyətdə olanlarının qeydiyyatı aparılmalıdır. Bir də özəlləşdirilmiş müəssisələrin ərazisində yaşayanlar var ki, onların ayrılıqda uçotu aparılmalıdır, digər tərəfdən də bu ərazidə öz iqtisadi tələblərini və gələcək planlarını həyata keçirmək istəyən mülkiyyət sahibləri çox zaman onları buradan sıxışdırıb çıxarmağa meyilli addımlar atırlar. Hətta bizim müraciətlərimiz nəticəsində bunların bir çoxunun qarşısını almaq mümkün olursa da, bəzilərinə gücümüz  çatmır. Ona görə, hesab edirəm, Əli müəllim, bu istiqamətdə də bir  qeydiyyat aparmağa ehtiyac var bilək ki, nə qədər özəl  mülkiyyətlərin olduğu ərazilərdə belə köçkünlər yaşayır. İlk növbədə də bu tələbi onların qarşısında qoymaq lazımdır ki, siz dövlətin bu sahədəki siyasətinə kömək etmək əvəzinə, öz imkanlarınızı bu insanların problemlərinin həllinə yönəldilməsinə kömək etmək əvəzinə, əksinə, onları məskunlaşdıqları yerlərdən də çıxarır və  daha  ağır bir vəziyyətə düşmələrinə gətirib çıxaran addımlar atırsınız. Biz onların qarşısına ciddi öhdəlik qoymalı və belə bir addım atdıqları təqdirdə hansı tədbirlərin görüləcəyini müəyyən etməliyik. Mənə elə gəlir ki, bu məsələlərin qarşıdakı büdcədə ayrılmış vəsait çərçivəsində həyata keçirilməsi mümkün olmasa da, ən azı, biz bu il bu işləri qaydasına qoymaq, bu sahədəki vəziyyəti dərindən bilmək və qarşıdakı illərdə planlaşdırılmış addımlar atmağa imkan verə biləcək işlər görməliyik. Mən hesab edirəm ki, insan kapitalının inkişafına yönəldilən siyasətin həyata keçirilməsində bu amillərin nəzərə alınması və onlar üçün maliyyə təminatının tapılması bizim qarşımızda duran vəzifələrin yerinə yetirilməsinə köməklik edə bilər. Ümumilikdə mən büdcənin bütün parametrlərinin Azərbaycan reallıqlarına və risklərə, o cümlədən təhlükələrə və hədəflərimizə yönələrək nəzərə alındığı qənaətini bir daha təkrarlayıram və büdcə layihəsinin qəbul olunması üçün hər kəsi ona səs verməyə çağırıram. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Bahar xanım. Azay Quliyev.
A.Quliyev. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri, mətbuat nümayəndələri! Mən də hər şeydən öncə bizə təqdim olunan büdcə layihəsini mükəmməl şəkildə formalaşdırdıqlarına və bütün parametrləri nəzərə aldıqlarına görə ilk növbədə hökumət üzvlərinə və xüsusilə maliyyə naziri cənab Samir Şərifova təşəkkür edirəm. Əlbəttə, burada həm dünən, həm də bu gün çox ətraflı müzakirələr getdi, büdcə haqqında detallı məsələlər qaldırıldı, hər kəs öz fikrini bildirdi. Ona görə də mən bu detallar üzərində dayanmaq istəməzdim. Ancaq bir məsələni xüsusilə vurğulamalıyam ki, son iki ildə dövlətimizin, hökumətimizin qarşısında duran  iki mühüm vəzifə öz həllini tapıbdır. Birinci mühüm vəzifə o idi ki, iqtisadi geriləmənin qarşısı alınsın, iqtisadiyyata sabitləşmə qaytarılsın və iqtisadiyyat bütövlükdə postneft mərhələsinə keçməyə hazırlaşsın. Hesab edirəm, bu vəzifə uğurla həyata keçirilibdir, artıq ölkədə iqtisadi stabilləşmə baş veribdir.
İkinci mühüm vəzifə o idi ki, manatın sonrakı devalvasiyasının qarşısı alınsın, manata olan inam və etimad bərpa olunsun. Hesab edirəm ki, dövlətimizin maliyyə institutları bu işin də öhdəsindən gəliblər, artıq manatda stabilləşmə baş veribdir. Əlbəttə, bütün bunlar xüsusilə qeyd olunmalıdır və nəticədə biz artıq iqtisadi artım tempinə qədəm qoymuşuq. Sevindirici haldır ki, 2018-ci ildə ölkədə 1,5 faiz artım gözlənilir. Müqayisə üçün deyim ki, Beynəlxalq Valyuta Fondu da təxminən 1,3–1,4 civarında olan bu artımı təsdiq edibdir. Amma deyək ki, neftlə zəngin olan digər ölkələrdə, xüsusilə Səudiyyə Ərəbistanında bu artım 1,1 faiz və yaxud da bizim postsovet ölkəsi sayılan Belarusda isə 0,7 faiz civarında  qeydə alınıbdır. Əlbəttə, bütün bunlar, yəni bu iqtisadi inkişaf və böyümə şübhəsiz ki, büdcəyə də öz təsirini göstərməyə bilməz. Bilirsiniz ki, builki büdcəmizdə də kifayət qədər artım var. Büdcə gəlirlərinin təxminən 20 faiz civarında və xərclərin isə 16,5 faiz həcmində artırılması şübhəsiz ki, çox müsbət məqamlardan biridir. Əlbəttə, bayaq qeyd etdiyim kimi, bütün digər detallara varmaq üçün vaxt yoxdur. Ancaq son illər istər kənd təsərrüfatı sahəsində, istər səhiyyə, istər təhsil və istərsə də məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində çox böyük işlər görülübdür və növbəti mərhələdə bu sahələrə daha çox diqqət ayrılacaqdır.
Ancaq bu məqamda xüsusilə vurğulamaq istəyirəm ki, büdcənin növbəti il üçün əsas xüsusiyyətlərindən biri də budur ki, daim vətəndaşların diqqətində olan iki məsələyə də özəl olaraq diqqət ayrılır. Bunlardan biri mənzil şəraitinin yaxşılaşdırılması üçün 250 milyon manat vəsaitin ayrılmasıdır. Bilirsiniz ki, gənc ailələrin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı dövlətin atdığı addımlar çox böyük təqdirlə qarşılanır. Eyni zamanda, bu gün işsizlərə müavinətlərin verilməsi üçün sığorta fondunun büdcəsinin formalaşması, onun istiqamətlərinin müəyyənləşməsi və konkret vəsaitin nə dərəcədə tutulması da hesab edirəm ki, müsbət haldır və hökumətin bu addımını mən yüksək qiymətləndirirəm.
Hörmətli həmkarlar, əgər icazə versəydiniz, bir neçə təklifimi də  səsləndirmək istərdim. Əlbəttə, hər çıxış edən həmkarımız müəyyən məsələ qaldırır və vəsaitin artırılmasını tələb edir. Mən çalışacağam, elə təkliflər səsləndirəm ki, bunlarla bağlı qərarların verilməsi nisbətən asan olsun. Millət vəkili olaraq bizim də üzərimizdə müəyyən vəzifələr var,  təmasda olduğumuz dövlət qurumları, vətəndaşlar, seçicilər var və onların da fikirlərini biz mütləq burada səsləndirməliyik. Bunlardan birincisi bizim diplomatlarla bağlıdır. Səfirliklərimizin bu gün texniki və maddi təchizat baxımından üzləşdikləri müəyyən çətinliklər var. Bilirsiniz ki, bir neçə il bundan öncə müəyyən qənaətlər olurdu və bu qənaətlərin nəticəsində bu gün bir çox səfirliklər müəyyən tədbirlərin keçirilməsində çətinliklər çəkirlər. Xüsusilə Azərbaycanın milli bayramlarının, Azərbaycana aid olan mühüm tədbirlərin keçirilməsində onların büdcəsi çox aşağıdır, bəzən yox dərəcəsindədir. Hətta səfirliklərimizin bilirsiniz ki, sürücü ştatını da biz ləğv etmişik. Belə bir vəziyyətdə mən hesab edirəm ki, bu məsələyə bir də qayıdılmalıdır. Düşünün ki, səfir bəzən özü sürücü funksiyasını yerinə yetirməyə məcbur olur. Mənə elə gəlir ki, Azərbaycan dövlətini xaricdə təmsil edən qurumlara qarşı bizim diqqətimiz artmalıdır. Heç olmasa, hər bir səfirliyə bir sürücü ştatı verilməlidir.
Digər bir tərəfdən bilirsiniz ki, diplomatik xidmətdə olan  vətəndaşlarımızın pensiya təminatında da müəyyən disproporsiya var və onların xaricdə işlədikləri dövrdə aldıqları maaş pensiya hesablanan zaman nəzərə alınmır. Bunlara yalnız Azərbaycanda işlədikləri zaman aldıqları maaşın 100-də 50 faizi civarında pensiya ayrılır. Əlbəttə,  pensiya məsələsi müzakirə olunanda bu məsələ ilə bağlı ətraflı danışmaq olar. Elə diplomatlardan söz düşmüşkən onu da demək istəyirəm ki, buna da biz baxmalıyıq. Əlbəttə, həmin diplomatlar müvafiq qaydada sosial sığortaya ödənişlər etməlidirlər və lazım olan dəstəyi də almalıdırlar.
Digər mühüm məsələ QHT-lər ilə bağlıdır. Mən bu barədə açığı danışmaq istəmirdim. Ümumiyyətlə, son 5–6 ildə QHT-lərə ayrılan vəsaitə toxunmuram. Ancaq  bunu deməyə məcburam ki, 2016-cı ildə bizə ayrılan vəsait təxminən 1,6 milyon manat azaldılıbdır və bundan başqa 2016-cı ildə bizim şuranın qeyri-hökumət təşkilatlarına müqavilə əsasında ödəməli olduğu 400 min manat da ödənilməyibdir. Dolayısı ilə 2016-cı ildə 2 milyon manat vəsait azaldılıbdır və QHT-lərə cəmi 4,6 milyon manat vəsait nəzərdə tutulubdur ki, həmin vəsaitə də şuranın saxlanılması, katibliyin  cari xərcləri və digər xərclər daxildir. Ona görə də mən hesab edirəm ki, biz bu məsələyə  bir də qayıtmalıyıq. Yenə də təəssüflər olsun ki, bununla bağlı 2018-ci ilin büdcəsində heç bir artım nəzərdə tutulmayıbdır. Düşünürəm ki, bu məsələyə biz ciddi yanaşmalıyıq və nəzərə alsaq ki, Azərbaycanda 3 mindən çox qeyri-hökumət təşkilatı qeydiyyata düşübdür və verilən vəsaiti biz bunların arasında bölsək, hər QHT-yə 1000–1300 manat vəsait düşür. Düşünün, bir il ərzində 1000–1300 manat vəsaitlə qeyri-hökumət təşkilatları hansı işləri həyata keçirə bilərlər. Həm də onu nəzərə almaq lazımdır ki, QHT-lərin bir çox layihəsi ölkədən kənarda icra olunur və manatın devalvasiyasında baş vermiş son dəyişikliklər əlbəttə ki, bizim xərclərimizi ikiqat artırır. Əgər biz hər QHT-yə cəmi 6–9 min manat vəsait vermək məcburiyyətindəyiksə, onların xaricdə fəaliyyətini həyata keçiririksə, düşünün ki, bu vəsait yarıya qədər azalır və demək olar, heç bilet pulunun ödənilməsinə çatmır. Ona görə mən hesab edirəm, biz bunlara çox diqqətlə yanaşmalıyıq. Əlbəttə, burada deyilə bilər ki, Gənclər Fonduna təxminən 2 milyon manat vəsait ayrılır. Bu da çox vəsait deyil. Amma onu da deyim ki, Gənclər Fondu yalnız gənclərə vəsait ayırır, klassik qeyri-hökumət təşkilatları bütövlükdə Gənclər Fonduna çıxışdan məhrum olurlar.
Bilirsiniz ki, 2018-ci il önəmli tarixi hadisələrlə və siyasi tədbirlərlə zəngindir. Gələn il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini və ulu öndərin 95 illik yubileyini biz təntənəli şəkildə qeyd edəcəyik. Eyni zamanda, 2018-ci ilin oktyabr ayında prezident seçkiləri keçirilməsi gözlənilir. Bilirsiniz ki, qeyri-hökumət təşkilatları bütün bu proseslərdə fəal rol oynayırlar. Onlar istər seçki maarifçiliyində, istərsə də seçki monitorinqinin həyata keçirilməsində müəyyən funksiyaları yerinə yetirməlidirlər. Bu baxımdan da hesab edirəm ki, biz bu məsələyə diqqətlə yanaşmalı,  imkan daxilində köməklik etməliyik. Həm də bəzən biz qeyri-hökumət təşkilatlarına, sadəcə olaraq, ictimai əhəmiyyətli layihələrin icrasını həyata keçirən amil kimi baxmamalıyıq. Qeyri-hökumət təşkilatları ictimai-siyasi sabitliyə töhfə verən, Azərbaycanın milli maraqlarını daim qoruyan önəmli institutlardır. Əgər biz bu gün bunlara sahib durmasaq, maliyyələrini lazımi səviyyədə ödəməsək, şübhəsiz ki,  kənardan müdaxilələr olacaq və həmin boşluqlar kənar qüvvələr tərəfindən doldurulacaqdır. Ona görə buna yol vermək olmaz. Hesab edirəm, bu məsələyə lazımi qədər baxılmalıdır. Mən düşünürəm ki, hörmətli Samir müəllim, bu məsələni xahiş etməklə və müəyyən problemləri diqqətə çatdırmaqla növbəti ildə bu dəyişikliklərə gedilə bilər və ən azı, heç olmasa, bizə xəzinədən ödənilməyən 400 min manatın bərpa olunmasına köməklik edilə bilər.
Sonda seçildiyim dairə ilə bağlı qısa bir məsələni qeyd etmək istəyirəm. Binəqədi rayonu, 8-ci seçki dairəsi ərazisində yerləşən Rəhimov küçəsi, 53a ünvanlı bina haqqında danışmaq istəyirəm. Bu bina qəzalı vəziyyətdədir. Onun sakinləri ilə mən dəfələrlə görüşmüşəm və bu məsələni  hörmətli Baş nazirin müavini cənab Abid Şərifovun diqqətinə çatdırmışam. Abid müəllim sağ olsun, bununla bağlı müvafiq addımlar ataraq komissiya göndərdi və doğrudan da, bəlli oldu ki, bu binaya təcili dəstək verilməli, onun qəzalı vəziyyətdən çıxarılması üçün müəyyən addımlar atılmalıdır. Əslində, bina yenidən sökülüb tikilməli, ya da ki, ciddi şəkildə təmir olunmalıdır. Ona görə də mən seçicilərimin bu xahişini  hörmətli hökumət üzvlərinin diqqətinə çatdırıram. Əlbəttə, bütövlükdə bizim bugünkü büdcə layihəsi kifayət qədər praqmatik əsaslarla hazırlanıbdır və hesab edirəm, 2018-ci ildə bizim inkişafımızı təmin edəcəkdir. Mən büdcəni dəstəkləyirəm və ona səs verəcəyəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Şəmsəddin Hacıyev.
Ş.Hacıyev. Çox sağ olun, Oqtay müəllim. Hörmətli Sədr, hörmətli hökumət nümayəndələri və deputat həmkarlarım! Biz artıq ikinci gündür ki, ölkənin ali maliyyə sənədinin müzakirəsi ilə məşğuluq. Ətraflı danışıldı, mən də istərdim büdcə haqqında qısaca öz fikirlərimi bölüşüm. Əvvəla, qeyd etmək istəyirəm ki, müzakirəyə təqdim olunan bu büdcə layihəsi çox təkmil, elmi cəhətdən əsaslandırılmış bir sənəddir. Çox təqdirəlayiq haldır ki, biz hər il daha mükəmməl büdcə layihəsinin müzakirəsinə yığışırıq. Bu da təbii ki, obyektiv səbəblərlə bağlıdır. Birinci növbədə hökumətin iqtisadi qurumları arasında çox ciddi koordinasiyanın  mövcud olmasından xəbər verir.
Digər tərəfdən isə büdcənin əsaslandırılma səviyyəsi ilbəil yüksəlir. Büdcənin tərtib olunmasında həm dünya iqtisadiyyatında baş verən proseslər və onların Azərbaycana təsir imkanları, həm də bu gün Azərbaycanda qərarlaşmış iqtisadi vəziyyət, hökumətin qarşıya qoyduğu hədəflər və onların yerinə yetirilməsi üçün real imkanlar nəzərə alınıb. Mən bir daha təkrar etmək istəyirəm ki, büdcə elmi cəhətdən əsaslandırılıb və artıq Azərbaycanda hökumət tərəfindən çox ciddi bir büdcə institutunun formalaşmasına nail olunub. Büdcənin tərtib olunmasında çox peşəkar mütəxəssislər çalışıblar və iqtisadi qurumlar arasında ciddi əlaqə  mövcuddur. Bu, təqdirəlayiq haldır. Müstəqilliyimiz tarixində ilk dəfədir ki, büdcəmizin həm gəlirləri, həm də xərcləri bu səviyyədə müəyyən olunur. 20 milyard rekord göstəricidir. Mən təkrar etmək istəyirəm, büdcədə 20 milyard 127 milyon gəlir nəzərdə tutulur, xərclər isə 20 milyard 905 milyon manat təşkil edir. Hər şey müqayisədə müəyyən olunur. Biz müstəqilliyimizin ilk 13 ili ərzində cəmi büdcədə nəzərdə tutulmuş vəsaitlə yalnız cari ilin büdcəsində nəzərdə tutulan vəsaitləri müqayisə etsək, fərq olduqca böyükdür, min neçə dəfə ilə ölçülür. Təbii ki, bu, Azərbaycanın iqtisadi imkanlarının genişlənməsi, birinci növbədə isə ölkədə aparılan düşünülmüş siyasət və 2003-cü ildən sonra Azərbaycanın əldə etdiyi misilsiz uğurlarla bilavasitə bağlıdır. Büdcəyə gəldikdə, qısaca olaraq bəzi məqamları nəzərinizə çatdırmaq istəyirəm. Xüsusilə nəzərə çarpan məsələ ondan ibarətdir ki, büdcədə cari xərclərlə əsaslı xərclər arasında nisbət ikincinin xeyrinə daim dəyişir və layihədə də bu açıq görünür və ondan xəbər verir ki, növbəti büdcə ilində də əsaslı vəsait real sektorun inkişafına sərf olunacaq, əlavə dəyər yaradan sahələr inkişaf etdiriləcək, yeni iş yerləri açılacaq. Bu isə ümumi inkişafımıza təkan verəcəkdir.
Digər tərəfdən, büdcədə vəsaitlərin xeyli hissəsini sosialyönümlü xərclər təşkil edir ki, bu da haradasa 35 faizdən yuxarıdır və çox təqdirəlayiq haldır. Mən bir şeyi nəzərinizə çatdırmaq istərdim ki, Oqtay müəllim, bayaq Siz də çox gözəl dediniz, Azərbaycanda artıq sosialyönümlü bazar iqtisadiyyatı formalaşıb və bu bizim Konstitusiyamızda təsbit olunub. Bazar iqtisadiyyatının dünyada bir çox modelləri var və bu modelləri bir-birindən fərqləndirən əsas səciyyəvi cəhət iqtisadiyyatın açıqlığı, liberallıq səviyyəsi ilə iqtisadiyyata dövlət müdaxiləsi, yəni proteksionist yanaşma arasında olan nisbətlə müəyyənləşdirilir. Azərbaycanda məhz bu iki siyasətin optimal bir nöqtəsi tapılıb. Bu hər ölkədə mümkün deyil, bu, yalnız İlham Əliyev siyasətinin nəticəsidir, bu, yalnız düşünülmüş, elmi cəhətdən əsaslandırılmış bir siyasətin real nəticəsi kimi qiymətləndirilə bilər. O ki qaldı sosialyönümlülük məsələsi, təbii ki, iqtisadi leksikonda “sosialyönümlü büdcə” ifadəsi çox az işlənir. Əsas məsələ ondan ibarətdir ki,  mahiyyəti sosialyönümlü olsun. Yəni söhbət gəlirlərin yenidən bölüşdürülməsində sosialyönümlü xərclərə ayrılan vəsaitlərin artırılmasından gedir. Sosialyönümlülük öz təzahürünü məhz burada tapır. Bu mənada bizim büdcəmizdə sosial xərclərin xüsusi çəkisinin yüksək olması haradasa onun sosialyönümlü büdcə kimi deyilməsinə səbəb olur, mən burada elə bir qəbahət görmürəm.
Hörmətli millət vəkilləri, bizim ən ağrılı problemimiz Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ problemidir və bu problemin həlli təbii ki, ölkə rəhbərimizin daim diqqət mərkəzindədir. Biz bu məsələləri beynəlxalq hüquqa söykənərək sülh yolu ilə həll edirik. Amma eyni zamanda da, öz hərbi qüdrətimizi genişləndirməli və gücləndirməliyik. Bu mənada 2018-ci ilin büdcəsində ayrılan vəsait hesab edirəm ki, lazımi qədərdir. Yəni real imkanlara söykənir və bizim hərbi gücümüzün daha da inkişaf etdirilməsinə şərait yaradacaq. Mən bu rəqəmin miqyasını düzgün qiymətləndirmək üçün müqayisə etmək istərdim. Bu vəsaitin həcmi Ermənistanın bütünlükdə büdcəsi qədərdir. Bu, əlbəttə, böyük bir nailiyyətdir. Bizim, yeri gəlmişkən, elm və təhsilə ayırdığımız vəsait  Ermənistan büdcəsinin haradasa 45 faizini təşkil edir. Bu da çox böyük bir nailiyyətdir.
Əziz dostlar, mən bir məsələni də qeyd etmək istərdim. Bu da postneft dövrü ilə bağlıdır. Mən bir qədər təəssüfləndim ki, hökumət nümayəndələrinin çıxışlarında belə bir fikir səsləndi ki, biz artıq postneft dövrünə qədəm qoymuşuq. Təbii ki, söhbət bunun hərfi mənada ifadə olunmasından gedir. Ölkə rəhbərimizin əsas siyasəti bayaq qeyd olundu, mən təkrar etmək istəmirəm, əsas siyasətimiz iqtisadi inkişafımızın əsas istiqaməti olan neftdən asılılığımızın səviyyəsini azaltmaqdır. “Post” sözü isə “keçmiş” sözü deməkdir. Yəni neft qurtardı, biz başqa bir dövrə qədəm qoyuruq. Təbii ki, biz yeni bir iqtisadiyyat yaradırıq. Yeni iqtisadiyyat terminindən istifadə etsək, daha məqsədəuyğun olar. “Əsrin müqaviləsi”nin 2050-ci ilə qədər uzadılması bir daha göstərdi ki, bu sahədən uzun müddət istifadə olunacaq. Yeni Azərbaycan Partiyasının yubileyində möhtərəm Prezidentimizin çıxışından bir cümləni sizin nəzərinizə çatdırmaq istəyirəm, o dedi: “Uzun illər ərzində neft-qaz sektoru Azərbaycan iqtisadiyyatının əsasını təşkil edən bir sahə olaraq qalacaq”. Amma təqdirəlayiq haldır ki, ildən-ilə qeyri-neft sektorunun həm ümumi gəlirlərdə, həm ümumi daxili məhsulda, həm də büdcə gəlirinin formalaşmasında xüsusi çəkisi artır və biz bunu 2018-ci ilin büdcəsində də görürük. Bu da çox müsbət istiqamət kimi xüsusi qeyd olunmalıdır.
Hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri! Azərbaycanda təbii ki, 2003-cü ildən sonra çox ciddi islahatlar həyata keçirilir və bu mənada bu illər ərzində görülən işlərin yalnız adlarını sadalamaq istəsək, bir-iki saat vaxt almış olarıq. Mən bununla əlaqədar olaraq bir məsələni nəzərə çatdırmaq istəyirəm. Biz ikinci iqtisadiyyatımızı formalaşdırmalıyıq. Yəni qlobal olan geniş təkrar istehsal siklinə qoşulmalıyıq. Bunun üçün də xaricə yönəltdiyimiz investisiyaların həcmi  artırılmalıdır. Təkcə Türkiyə iqtisadiyyatına artıq 10 milyarddan çox  vəsait ayırmışıq.  Əgər büdcə gəlirlərinin formalaşmasında bu vəsaitlərin bir rolu varsa, yaxşı olardı ki, o haqda da müəyyən məlumatlar əldə edək. Mənim vaxtım qurtarır, iki kəlmə də demək istərdim ki...
Sədrlik edən. Çox təəssüf ki, vaxta baxmadın. Saat 4-ə kimi tənəffüs elan edilir.

FASİLƏDƏN  SONRA

Sədrlik edən. Müzakirələrə davam edirik. Rəşad Mahmudov.
R.Mahmudov. Hörmətli cənab Sədr, dəyərli həmkar-larım, dəyərli hökumət üzvləri və media mənsubları! Düşünürük ki, müzakirə etdiyimiz büdcə layihəsi Azərbaycan vətəndaşının maddi və sosial vəziyyətinin yaxşılaşdırılması, işsizliyin aradan qaldırılması və eləcə də iqtisadiyyatın inkişafına nail olunması üçün dövlət  başçısının təyin etdiyi prioritet sahələrin inkişafına xidmət  edir.  Dünya təcrübəsi göstərir ki, böhranlar problemlərlə yanaşı, həm də iqtisadiyyatın inkişafına səbəb olan əsas amillərdəndir. Bunun ən gözəl nümunəsini biz keçən 2 il içərisində dövlətimizin apardığı siyasət nəticəsində gəlmiş olduğumuz  nöqtələrdə görə bildik.
Mən ilk olaraq səhiyyə və büdcə ilə əlaqədar bəzi fikirlərimi sizinlə paylaşmaq istəyirəm. Ümumiyyətlə, biz gələcək perspektivlərimizdən danışa bilmək üçün keçmi-şimizlə əlaqədar qiymətləndirməni doğru aparmalıyıq. Mən, xüsusilə son 15 il içərisində 2000-ci ildən əvvəl və sonrakı səhiyyənin vəziyyəti ilə bağlı bəzi məqamları  diqqətinizə çatdırmaq istəyirəm. Əgər 2000-ci ildən əvvəl bir xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstə ucqar rayonlardan Bakıya qədər gəlib həftədə 3 dəfə saatlarla dializ müalicəsi üçün növbə gözləyirdisə, nəinki rayonlarda, Bakımızın xəstəxanalarında belə normal bir xəstəxana çarpayısı tapmaq çətin idisə, bu gün artıq  həmin böyrək  çatışmazlığı olan xəstələr dövlət tərəfindən yenidən qurulmuş və ya tikintisi başa çatmış 600-dən çox müasir xəstəxanada, dövlət proqramları ilə  həmin dializi öz bölgəsində, öz rayonunda çox rahat bir şəkildə həyata keçirə bilir. Bu gün dövlət proqramları çərçivəsində görülmüş işlər məhz Azərbaycan dövlətinin başçısı cənab İlham Əliyevin sosialyönümlü siyasətinin bariz nəticələridir. Bizlər bunu bir daha xatırlamalıyıq. Heydər Əliyev Fondunun, şəxsən Mehriban xanımın dəstəyi ilə 1500-dən çox mürəkkəb ürək qüsurlu xəstələrin xaricə göndərilmədən özümün iştirak etdiyim ölkə içərisində müalicəsi və əməliyyatı ilə bağlı bu ölkədə çox gözəl işlər görülüb. Budur Azərbaycan səhiyyəsinin 2017-ci ildə qazanmış olduğu uğurlar. Biz keçmiş dəyərlərimizi və vəziyyətimizi yada salaraq, sadəcə, bu günlərə qiymət versək, məncə, daha doğru yolda olarıq.
Əlbəttə, səhiyyə sahəsində uğurlarımızla bərabər hələ də həll olunmamış bir çox vacib məsələlər mövcuddur. Amma mən diqqəti  fərqli bir aspektə çəkmək istəyirəm. Ümumiyyətlə, bildiyiniz kimi, maliyyə siyasəti dövlətin bütün sahələr üzrə qarşıya qoyduğu məqsədlərin həyata keçirilməsini təmin edir. Əhalinin sağlamlığının qorunması naminə səhiyyə sahəsindəki məqsədlərin həyata keçirilməsi üçün burada düzgün maliyyə siyasətinin aparılması çox vacibdir. Səmərəli səhiyyə siyasətinin və strategiyasının qurulması səhiyyə sahəsində maliyyə resurslarının və maliyyə xərclərinin düzgün istifadəsini təmin edir. Bununla birlikdə  səhiyyədə maliyyə siyasətinin düzgün aparılması öz növbəsində əhalinin həyat keyfiyyətinin artmasına, profilaktik, diaqnostik və müalicəvi tədbirlərin səmərəli təşkil olunması isə xəstəliklərin azalmasına səbəb olur.
Buradan belə bir nəticə çıxır ki, səhiyyə siyasətinin və strategiyasının qurulmasında maliyyə və iqtisadi dəyərləndirmə ən əsas amillərdəndir. Sosial sferanın əsasını təşkil edən səhiyyə sistemində maliyyə siyasətinin səmərəli qurulması üçün bir çox dövlət qurumlarının sıx əməkdaşlığı çox vacibdir. Əlbəttə ki, mən bütün bunları Avropa ölkələri və Amerika ilə müqayisə üçün demirəm, biz daha çox özümüzü eyni səhiyyə siyasəti aparmış postsovet məkanı ölkələri ilə müqayisə etdiyimiz zaman  məlum olur ki, səhiyyənin inkişafı üzrə dövlət proqramı qəbul etmiş dövlətlərdə bu problemlərin həlli istiqamətində daha böyük uğurlar qazanılıb. Düşünürəm ki, səhiyyənin inkişafı üzrə dövlət proqramının ölkəmizdə də tətbiq olunması məqsədəuyğun sayıla bilər. Gələcəkdə də bu problemləri,  sadəcə, Səhiyyə Nazirliyi ilə deyil, maliyyə institutları və  Dövlət Sosial Müdafiə Fondu kimi digər qurumlarla birgə həll edərək gələcək səhiyyənin  hədəflərinə çatmamız daha uyğun görünür. Bu dövlət proqramı səhiyyənin inkişaf strategiyasının əsasını təşkil edəcəkdir. Xüsusilə cənab nazirimiz Oqtay Şirəliyevin bizə vermiş olduğu tövsiyələrə və tapşırıqlara əsasən apardığımız araşdırmalar nəticəsində bu gün bu qanun layihəsi içərisində subqruplar təhlil edildiyi zaman istər ümumi daxili məhsul içərisindəki dəyərlərə görə, istər adambaşına xərclərə görə, istərsə ümumi büdcə içərisində olan səhiyyənin payına görə, eləcə də dünyada bu gün qəbul olunmuş “xərclənən vəsait və alınan təsir”dən, “кост еффективность” deyilən bir meyardan istifadə olunur. Bu dəyərlərin peşəkar qurumlar tərəfindən müzakirəsinin aparılması əlbəttə ki, gələcək siyasətimizin qurulmasında bizə çox köməklik edəcək.
Səhiyyə və təhsil ölkəmizin ən öndə tutduğu məsələlərdən və məqsədlərdəndir. Amma hər iki məsələnin həlli ilə bağlı aparılan siyasət 10 illərlə 25 illik proqramlar  nəticəsində hədəflərə gedilərək nöqtəyə çatdırıla bilər. Bunun üçün də mən düşünürəm ki, bu inkişaf konsepsiyasının  qəbul olunması gələcəkdə əhalinin  sağlam həyat tərzi yaşaması üçün uyğun şəraitin, imkanların və motivasiyanın yaradılmasına, tibbi yardımın təşkilinin təkmilləşdirilməsinə, əhaliyə dövlət qarantı proqramı üzrə  pulsuz tibbi yardımın həyata keçirilməsinə, əhalinin dərman vasitələri ilə təminatının yaxşılaşdırılmasına, tibbi heyətin təkmilləşdirilməsinə, səhiyyədə tibb elminin və innovasiyaların inkişaf etdirilməsinə, informasiya texnologiyalarının tətbiqinin genişləndirilməsinə gətirib çıxaracaqdır ki, bu da bizim hədəflərə gedən yolda məqsədlərimizi və orada olan problemlərimizi görmək üçün daha böyük və geniş imkanlar verəcəkdir. Nəticədə bu dövlət qurumları təkcə Səhiyyə Nazirliyindən ibarət deyil, Səhiyyə Nazirliyi bu inkişaf konsepsiyası içərisində, bu dövlət proqramı içərisində, sadəcə, önəmli mövqelərdən birini tutur. Dünya təcrübəsindən də görünür ki, bu hədəflərə səhiyyəçilərlə birgə maliyyə, iqtisadi qurumların və Dövlət Sosial Müdafiə Fondunun birlikdə  qərarı ilə  çatmaq mümkündür. Nəticə etibarilə dövlət proqramının qəbul olunan modelinin mövcud olan səhiyyəmizin işləyən mexanizminə çox diqqətli bir şəkildə inteqrasiya edilməsi uyğun görünür. İnanıram ki, Azərbaycan  səhiyyəçilərinin gücü ilə birlikdə həm də Azərbaycan maliyyəçilərinin potensialının ortaq bir nöqtəyə gətirilməsi gələcəkdə bu hədəflərə gedəcək yolu qısaldacaqdır. Ancaq keçmişimizə dərin hörmətimizlə, Heydər Əliyev ideyalarına sədaqətimizlə və eləcə də cənab Prezidentimizin qətiyyətli yoluna dəstəyimizlə hökumət olaraq, məmur olaraq, Yeni Azərbaycan Partiyasının nümayəndələri olaraq, həm də vətəndaş olaraq bu yolda uğurlar qazana bilərik.
Mən fürsətdən istifadə edib, seçilmiş olduğum bölgə ilə əlaqədar bir neçə məsələyə toxunmaq istəyirəm. Amma düşünürəm ki, zaman azlığını nəzərə alaraq bu məsələləri təkliflər şəklində uyğun olan müvafiq qurumlara verim. Mənə edilən müraciətləri nəzərə alaraq iqtisadiyyat nazirinin şəxsən özünə bu yaxınlarda Astara və Lənkəran bölgəsində dəmir yolu xəttinin gələcəkdə yerinin dəyişdirilərək  magistral yol xəttinə paralel çəkilməsi ilə əlaqədar gedib yerində araşdırma apardığına görə öz təşəkkürümü bildirmək istəyirəm. Düşünürəm ki, dövlət qurumlarının bu şəkildə ortaq fəaliyyəti gələcək Azərbaycanımızın inkişafı üçün yeni uğurlar qazanmağımıza səbəb olacaqdır.
Bir daha bütün həmkarlarımı 2018-ci il Azərbaycan Respublikasının dövlət büdcəsi layihəsinə səs verməyə çağırıram. Düşünürəm ki, bizlər Prezidentimizin humanizm bayrağı altında sıx birləşərək bütün problemlərin öhdəsindən gələcəyik. Azərbaycan bu günə qədər çox şərəfli bir yol keçib. İnanıram ki, bundan sonra gələcək nəsillər bu dövləti qoruya biləcəklər. Minnətdaram, çox sağ olun.
Sədrlik edən. Sağ olun. Əflatun Amaşov.
Ə.Amaşov. Çox sağ olun.  Hörmətli cənab Sədr, hörmətli hökumət üzvləri, dəyərli həmkarlar və hörmətli  media nümayəndələri!  2018-ci il dövlət büdcəmizdə keçənilkindən fərqli olaraq əhəmiyyətli dərəcədə  artım müşahidə olunur. Bu bizi sevindirir. Sənəd mükəmməldir,  peşəkarlıqla hazırlanıb və mən ona səs verəcəyəm. 
Büdcədə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı  vəsaitin ayrılması ayrıca vurğulanmalıdır. Biz, şübhəsiz ki, demokratik respublikanın qurucusu olan xalqıq. Belə bir böyük dəyəri yaşatmağımız, onu təbliğ etməyimiz son dərəcə vacib və qürurvericidir. 2 gündür ki, dəyərli həmkarlarımız çox ciddi təkliflərlə çıxış edirlər. Onları təkrarlamadan bir sıra məqamlara toxunmaq istəyirəm.
Heç şübhəsiz ki, Azərbaycan ordusu regionda ən güclü ordudur. Əgər torpaqlarımız sülh yolu ilə alınmasa, ordumuzun sayəsində işğaldan azad edəcəyik. Ancaq reallıq budur ki, bu gün biz  bir kəndimizi belə geri almağa cəhd  göstərsək, beynəlxalq  güclərin  ciddi təzyiqi ilə  üzləşəcəyik. Ona görə də indiki durumda informasiya müstəvisindəki fəaliyyətimizi çox mükəmməl qurmalıyıq. Bir tankın alınmasına xərclənən vəsaitə  güclü  televiziya kanalı yaratmaq mümkündür. Müxtəlif dillərdə yayımlanacaq proqramlar Azərbaycan həqiqətlərini auditoriyaya daha geniş  çatdıra bilər. Bu isə, şübhəsiz, sülh danışıqlarında əlavə  üstünlüyümüz olar. Bir neçə dəfə onlayn jurnalistika üçün dövlət büdcəsindən vəsaitin ayrılması təklif edilib. Doğrudan da, bu çox əhəmiyyətlidir. Təcrübə göstərir ki, xaricdən Azərbaycana olan informasiya təhdidlərinə qarşı, əsasən, onlayn media mübarizə aparır. Ancaq maliyyə çatışmazlığından həmin sahədə ciddi problemlər var. Heç şübhəsiz, bu sahəyə sistemli şəkildə dövlət vəsaiti ayrılmalıdır. Ən azı,  1 milyon manat tapıb bu məqsəd üçün ayıra bilsək, əminəm ki, tezliklə onun nəticəsini görəcəyik. Ümumən onu da deyim ki, ayrı-ayrı ölkələr özlərinin informasiya təhlükəsizliklərinin təminatına kifayət qədər böyük vəsait ayırırlar. Məsələn, Türkiyə bu məqsədlə adambaşına 50 dollar, Rusiya 40 dollar, Qazaxıstan 35 dollar xərcləyir. Müqayisəli yanaşsaq, bizdə, yəni müharibə vəziyyətində olan bir ölkədə bu rəqəm xeyli aşağıdır. Buna görə də dövlət büdcəsindən informasiya sahəsinə ayrılan vəsait əhəmiyyətli dərəcədə artırılmalıdır.
Qeyd etmək istədiyim növbəti məsələ informasiya  ombudsmanı ilə bağlıdır.  Mən əvvəllər də həmin institutun ayrıca bir qurum kimi fəaliyyət göstərməsinin tərəfdarı olmuşam. Bütün dünyada da belədir. Bizdə isə bu qurum İnsan hüquqları üzrə müvəkkilə (ombudsmana) birləşdirilib, fəaliyyəti də göz qabağındadır. Səbəb kimi göstərilir ki, hökumət ştat ayırmır. Bu, izaha deyil, daha çox bəhanəyə bənzəyir. Amma ümumən, informasiya ombudsmanı ölkənin informasiya təhlükəsizliyi baxımından çox vacibdir. Madam ki, institut var, hökumət də buradadır, soruşuram, niyə ştat yaradılmır? Biz də görək ki, onun işi nədən ibarətdir.
Daha bir məsələyə diqqətinizi çəkmək istərdim. İş elə gətirdi ki, son aylar 4–5 xarici ölkəyə səfər etdim. Orada müxtəlif media qurumlarının təmsilçiləri, ictimaiyyət nümayəndələri ilə təmaslarım oldu. Təbii ki, onların Azərbaycanla bağlı bilgiləri var. Əvvəlki illərə nisbətən bu bilgilər çoxalıb. Düşünürəm ki, ölkəmizlə, xüsusilə Dağlıq Qarabağ  həqiqətləri ilə bağlı bilgilər daha geniş olmalıdır. Dövlət səviyyəsində bu işi xaricdəki diplomatik missiyalarımız həyata keçirirlər. Amma  son illər dövlət büdcəsindən onlar üçün ayrılan vəsaitin həcmi azaldılıb. Bu il də aşağıdır. Hesab edirəm ki, bunu etmək olmaz. Əksinə, biz xaricdəki diplomatik missiyalarımızın maliyyə resurslarını artırmalıyıq ki, olduqları ölkələrin ictimai həyatına daha çox nüfuz edə bilsinlər. Təkrar edirəm, bu bizim üçün son dərəcə vacibdir.
Xaricdən söhbət düşmüşkən, bir məsələni də mütləq vurğulamalıyam. Azərbaycan Respublikası dünyada yaşayan bütün azərbaycanlıların vətənidir. Dövlət üçün kimin harada yaşamasının heç bir fərqi yoxdur. Dövlətimiz harada olur-olsun, xalqımızla bağlı mədəniyyət nümunələrinə həmişə qayğı ilə yanaşır. Bu gün Tbilisidə əsası hələ 1873-cü ildə qoyulan, hazırda ulu öndərin adını daşıyan teatr binası baxımsız vəziyyətə düşüb. Düzdür,  hələlik  Gürcüstan dövlətinin elə də vəsaiti yoxdur ki, onu təmir edə bilsin. Düşünürəm ki, 2 ölkə arasında müəyyən razılığa gəlinib bizim büdcəmizin hesabına Heydər Əliyev adına Tbilisi Azərbaycan dövlət dram teatrının binasını təmir edə bilərik. Bu həm də bizim mənəvi borcumuzdur.
İndi isə deputat seçildiyim Saatlı rayonu ilə bağlı bir neçə məsələdən bəhs etmək istərdim. Bilirsiniz ki, cənab Prezidentin həssas yanaşması nəticəsində son illər kənd təsərrüfatına diqqət və qayğı kifayət qədərdir. Ancaq bu sahədə müəyyən problemlər hələ də qalmaqdadır. Məsələn, bu il Saatlı rayonunda 17 min hektar sahədə pambıq əkildi. Onun min hektarı demək olar ki, suvarılmadı. Çünki Araz çayının imkanları məhduddur. Keçən dəfə bildirmişdim ki, Kür çayından su kanalı çəkilməlidir. Özü də cəmi 17 kilometrlik. Onun 3 kilometri, demək olar ki, hazırdır. Bundan yalnız Saatlı rayonu deyil, bütövlükdə böyük bir region faydalanacaq. Məsələni bir neçə dəfə müxtəlif aidiyyəti qurumların təmsilçiləri ilə müzakirə etmişik. Bu kanalın çəkilməsi o qədər də ciddi vəsait tələb etmir. Xahiş edirəm ki, bu məsələyə diqqətlə yanaşaq.
Kənd təsərrüfatı ilə əlaqədar daha bir  məsələyə diqqətinizi çəkmək istəyirəm. Saatlıda 4 min hektar sahə üçün gələn il fermerlərə subsidiya verilməyəcək. Bu adamların böyük bir hissəsi məcburi köçkünlərdir. Düzdür, burada subyektiv səbəblər də var. Ancaq obyektiv amillər daha öndədir. Subsidiya alınması üçün lazım olan sənədləri asanlıqla əldə etmək mümkün deyil. Buna kəndlinin heç maliyyə imkanı da çatmır. Çox xahiş edirəm ki, Nazirlər Kabineti subsidiyaların verilməsində bunu nəzərə alsın.
Oxşar problemlər digər bölgələrdə də var. Hansısa asan yol müəyyənləşdirilməli, yerində araşdırma aparılmalıdır. Əsas odur ki, real iş görən adamlar subsidiyasız qalmasınlar. Bu, ölkədə yaranan məhsul bolluğuna təsir göstərməsin.
Ən sonda bir sıra aidiyyəti qurumların Saatlı rayonuna göstərdikləri diqqəti vurğulamaq istərdim. Xüsusilə də “Azərişıq” ASC-nin  sədri cənab Baba Rzayevə, “Azərav-toyol” ASC-nin sədri cənab Saleh Məmmədova, səhiyyə  nazirimiz cənab Oqtay Şirəliyevə Saatlı seçicilərinin təşəkkürlərini çatdırıram. Onların rəhbərlik etdikləri qurumlar Saatlı rayonu ilə bağlı məsələlərə son dərəcə həssas yanaşaraq üzərlərinə düşən missiyanı layiqincə yerinə yetiriblər. Sonda onu deyim ki, mən büdcəyə səs verəcəyəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Tahir Kərimli.
T.Kərimli. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli deputatlar, hörmətli  qonaqlar!  Fürsətdən istifadə edib bir partiya sədri kimi Yeni Azərbaycan Partiyasının 25 illiyi münasibəti ilə bu qalib partiyanı  təbrik edir və daha çox uğurlar arzulayıram. Təbii ki, bu sənəd də, hökumətin hesabatı da Yeni Azərbaycan Partiyasının  birbaşa iştirakı ilə olan bir məsələdir.
Cənab Sədr, burada Siz də qeyd etdiniz, komitə iclaslarında 35  deputat çıxış etdi, müxtəlif təkliflər verdi. Burada da bir çox deputatlar öz təkliflərini verirlər. Mənim üçün çox maraqlıdır, bu qanunverici hakimiyyət orqanı nümayəndələrinin neçə faiz səsi qəbul olunacaq? Buna cavab almaq istərdim. Bilək ki, verdiyimiz təkliflər, heç olmasa, yerinə yetirilirmi, nəzərə alınırmı? Ona görə də mən çıxış etməyə tərəddüd edirdim. Amma məni həvəsləndirən bir məsələ oldu. Yadımdadır ki, biz keçən il büdcə müzakirə olunan zaman bir sıra məsələlər qoyduq. O zaman enerji daşıyıcılarının satışından gələn pula görə cənab Prezident büdcənin həm gəlir hissəsini, həm də xərc hissəsini 300 milyon manat  artırdı. Yenə də ümidim var ki, bəzi məsələləri desək, ola bilər, bu büdcə daha yaxşı olsun.
Mən büdcə zərfini və Hesablama Palatasının rəyini tam oxumuşam. Doğrudan da, böyük əziyyət çəkilib və mən büdcəyə səs verəcəyəm. Amma hesab edirəm ki, bu büdcə daha yaxşı ola bilərdi. Bir sıra məsələlər var ki, mən razılaşmıram. Bunlar nədən ibarətdir? Birincisi, neftin qiymətinin 45 dollardan götürülməsi. Bütün beynəlxalq təşkilatlar  50 dollardan aşağı proqnoz vermirlər. Mənə maraqlıdır, oxuyuram, büdcə siyasətinin əsaslarında göstərilir ki, biz bundan sonrakı illərdə neftin 1 barelinin qiymətinin daha  az olacağını nəzərə alırıq, ona görə belə fiskal yığcamlaşma siyasəti aparırıq və gələcəkdə də aparacağıq. Necə ola bilir ki, bütün beynəlxalq təşkilatlar neftin qiymətinin belə aşağı olmayacağını proqnozlaşdırırlar,  bizim müvafiq qurumlar isə hesab edirlər ki, bu aşağı olacaq. Deyək ki, 50 dollardan, yaxud 48 dollardan götürülsə idi, hesab edirəm, bu, büdcənin xərclərini xeyli artırmış olardı, iqtisadi dinamizmi artırmış olardı, canlanma yaradardı. Faydalı məsələ olardı. Bunun üçün hələ dediyim kimi, başqa mənbələr də var. Bu mənbələrdən birini mən deyim. Misal üçün deyək ki, təxminən 778 milyon büdcə kəsiri var. Bu il müəyyən olunub. Ancaq biz bilirik ki, çox müvəffəqiyyətlə “Əsrin müqaviləsi” bağlanıb, bununla əlaqədar hər il 450 milyon dollar daxil olacaq ki, bu da 765 milyon manat deməkdir. Cənab Prezidentin səyi nəticəsində bizim büdcə kəsirimiz qədər hər il əlavə, nəzərdə tutulmayan  bonus ala bilirik, əvəzi ödənilməyən pul ala bilirik. Bu, büdcə kəsirini bağlamaq imkanına malikdir.
İkincisi, büdcə kəsiri əvvəllər də deyildiyi kimi, bir sıra dövlətlərdə çox böyük rəqəmlərlə ifadə olunur. Büdcə kəsirinin az olması dövlətin müvəffəqiyyətli siyasətinin əsası deyil. Mətbuatdan oxudum ki, indi borclanma haqqında strateji plan hazırlanır. Borclanmadan da qorxmaq lazım deyil. Rusiya borcunun 17 faiz olmağı ilə öyünür, amma bu heç də o demək deyil ki, Rusiya Amerika və digər Avropa dövlətlərindən irəlidə gedir. Hesab edirəm ki, borclanmadan da qorxmaq lazım deyil. İstər xarici borc olsun, istərsə də daxili borc olsun. Bu halda hesab edirəm ki, büdcənin xərclər hissəsini artırmaq mümkündür. Əgər biz gəlirləri cari ilə nisbətən 20 faiz artırırıqsa, xərclərimiz isə 16 faiz artırsa, bu 16 faizi də 20 faiz eləyə bilərik.
Üçüncüsü, bilirik ki, bir sıra funksional sahələr üzrə çoxlu pul xərclənməmiş qaydada bir ildən digər ilə ötürülür. Onları da müvəffəqiyyətli işimiz üçün cəlb etmək olar. Bir sıra məsələlər var ki,  qayğısına qalmaq lazımdır, hökumət bunu eləməyəndə bir az sual doğurur. Bahar xanım da, digərləri də şəhid ailələri, onların sığorta pulları ilə bağlı məsələyə toxundu. Bir neçə il bundan qabaq cənab Prezident şəhid ailələrinin mənzil və fərdi evlərlə təmin olunması haqqında sərəncam verib və həmin sərəncamda göstərilir ki, Nazirlər Kabineti hər il bunun üçün filan miqdarda pul ayırsın. Nə üçün ayırmır? Mən hesab edirəm ki, bunu ayırmaqdan, Prezidentin sərəncam və fərmanlarını yerinə yetirməkdən ötrü mənbə lazımdır. Mənbə olmayanda başqaları da narazı qalırlar.
Digər toxunmaq istədiyim məsələ kredit məsələsidir. Axı, vətəndaşın heç bir təqsiri yoxdur ki, devalvasiya gedib, o birdən-birə belə çətin vəziyyətdə qalıb, çoxlu borclanma yaranıb. Hesab edirəm ki, hökumət bunun bir hissəsini öz üzərinə götürməlidir. Heç olmasa, üçdə birini öz üzərinə götürüb onu silməlidir. Yaxud həmin kommersiya banklarına yardım eləyib, onlardan da tuta bilər. Ən mühüm məsələlərdən biri hesab edirəm ki, maliyyə amnistiyasının elan olunmasıdır.
Hörmətli deputatlar və hörmətli qonaqlar! Bir nümunə gətirim sizə, elə dünən Gürcüstanın Baş naziri İvanaşvili universitetin tikilməsinə öz şəxsi hesabından 1 milyard avro pul ayırdı. Amma bizimkilər  pullarını xaricdə qoyurlar, buradan kapital axını olur və sair. Mən hesab  edirəm ki,  bunun saxlanılması o deməkdir ki, nə vaxtsa varlı adamlardan qisas alınacaq. Bu olmamalıdır. Tarixi zərurətdir, maliyyə amnistiyası elan olunmalıdır ki, bu kapital ölkənin daxilində sərf olunsun.
Bir də fürsətdən istifadə edib, sonra vaxt qalmaz, bölgəmlə  bağlı demək istəyirəm. Bölgədə Ağsu, İsmayıllı seçki dairələrində çox işlər görülüb. Bu gün Ağsu şəhəri yeganə rayon mərkəzlərindəndir ki, demək olar, bütün küçələri asfaltlanıb, işıqlandırılıb. Amma yenə də elə məsələlər var ki, güc çatmır, kömək eləmək lazımdır. Məsələn, çox böyük kənd məntəqələri olan Gəgəli və Bizlanın su ilə təminatı məsələsi var. İsmayıllının Kəlbənd kəndinin və ətraf beş kəndin yol problemləri var. Keçən dəfə mən bu məsələyə toxunmuşdum. Ağsu şəhərində ən azı 5 orta məktəbin ciddi təmirə ehtiyacı var və bu məsələdə hökumətin yardımçı olmasını istərdim.
Bir məsələni də nəzərinizə çatdırmaq istəyirəm, bu da Tarif Şurası ilə bağlıdır. Biz bilirik, Tarif Şurasına nazirlərin müavinləri daxildirlər və hər dəfə gözləyirik ki, hansı qiymət dəyişikliyi olacaq. İndi bizim dövlət bankının hörmətli rəhbəri bildirdi ki, manatın qiyməti xarici şoklardan asılıdır. Yaxşı, bunu əlaqələndirdik. Amma biz çalışmalıyıq ki, heç bir xarici şok daxildə buna təsir eləməsin. Mən çox narahatam. Hökumət ona yəqin ki, nəzarət edir, Tarif Şurası deyə bilərmi, yanacağın qiyməti qalxacaq, ya yox? Biz bilirik ki, yanacağın qiyməti qalxanda yenə də bahalıq olacaq. Siz görürsünüz ki, deputat həmkarlarım qiymət siyasətindən nə qədər narahat olduqlarını bildirirlər. Mən istərdim ki, ya Tarif Şurasına nazirlərin özləri daxil olsunlar, ya da birbaşa hökumət özü qiymət siyasətini müəyyən eləsin. Biz Tarif Şurasının üzərinə atırıq, müəyyən qədər narahatlıqlar olur.
Mən təşəkkür edirəm, siyasi partiyaların maliyyələşməsi ilə bağlı məsələ qaldırdılar.  Doğrudan da, “Siyasi partiyalar haqqında” Qanunun 17-1-ci maddəsinə əsasən siyasi partiyaların maliyyələşməsi ayrıca sətirlə göstərilməlidir. Hər il başqa sahələrə pul artırıldığı halda, siyasi partiyaların maliyyəsi artırılmır. Burada da qeyd olundu, seçki ilidir. Mən hesab edirəm ki, ən azı təkcə parlamentdə təmsil olunan  partiyaların  əmək haqları müəyyən qədər artırılsa, respublikanın rayonlarında aktiv əhali işlə təmin oluna bilər. Fürsətdən istifadə edib bir sıra məsələləri də demək istəyirəm. Məsələlərdən biri Quba–Şamaxı yolunun tez açılmasıdır. Yuxarı Şirvan zonasının inkişafı üçün çox vacib bir məsələdir. Ağsu aşırımında da müəyyən işlər görülməlidir. Dediyim kimi, büdcə layihəsinə səs verəcəyəm. Böyük zəhmət çəkilib, hökumətə minnətdaram, təşəkkür edirəm, amma dediyim sözləri, xahiş edirəm, nəzərə alasınız. Sağ olun.
Sədrlik edən. Sağ olun, hörmətli Tahir müəllim. Mən Sizin tək  bir sualınıza cavab verim, qalanlarını yəqin, nazirlərimiz cavablandıracaqlar. Söylədiniz ki, biz burada bu qədər sual qaldırırıq, bu suallar necə yerinə yetirilir? Kiçik bir misal çəkim. Bizim hər birimiz deputatıq, hər birimiz çıxış edəndə öz rayonumuzun bir məsələsini ortaya qoyuruq, məsələn, qazı, işığı, suyu. 125 deputatdır, 87 rayondur. Bunların hamısını birdən eləmək mümkün deyil. Qoyduğumuz suallara Nazirlər Kabineti tərəfindən baxılır və rayonlar üzrə proqramlar gələndə növbə ilə seçilir ki, nə qədər su,  qaz və işıq layihələri oldu. Bizim birgə işimizin nəticəsidir ki, bu layihələr nəzərə alınır, həyata keçirilir. Hər burada çıxış edəni eyni dərəcədə nəzərə almaq olmur. O ki qaldı ümumi hökumətin hesabatına, Siz bilirsiniz ki, hökumət  hər il bizim verdiyimiz tövsiyələrə nə cavablar veribsə, nəyi həll edibsə, gələcək hesabatda ayrıca səhifədə bunlar haqqında məlumat verilir.
Neftin qiymətinin 45 dollar götürülməsinin narahatçılığına gəldikdə isə biz riskləri qabaqlayırıq. Əgər neftin qiyməti 60 dollar qalxacaqsa, hər şey öz əlimizdədir, həm dövlətin əlindədir, həm də parlamentin əlindədir, lazım olarsa, may ayında büdcədə dəyişikliklər olacaq. Təki qiymət aşağı düşməsin. Amma biz müharibə aparan bir ölkəyik, hər yerdə ehtiyatlı olmalıyıq və risklərimizi qabaqlamalıyıq. Yüksək qiymət olarsa, mən əminəm ki, may ayında büdcədə dəyişikliklər olacaq. Buyurun, Ziyafət Əsgərov.
Z.Əsgərov. Sağ olun. Hörmətli cənab Sədr, hörmətli hökumət üzvləri, hörmətli həmkarlar! Biz artıq iki gündür ki, dövlət büdcəsini sizinlə bir yerdə müzakirə edirik. Həqiqətən, mən də hesab edirəm ki, dövlət büdcəmiz dünya bazar iqtisadi konyunkturası və iqtisadi risklər nəzərə alınmaqla tərtib olunmuş çox təmkinli bir büdcədir. Əslində, büdcə dövlətin iqtisadi Konstitusiyasıdır. Bilirsiniz ki, bizim Konstitusiyamızda, Əsas qanunumuzda dövlət orqanları arasında, yəni hakimiyyətin müxtəlif budaqları arasında proporsiya gözlənilir, vətəndaşların hüquq və vəzifələri arasında balanslaşdırma aparılır, eyni zamanda, dövlət orqanları və vətəndaşlar arasında onların münasibətləri balanslaşdırılır. Dövlət büdcəsində də müxtəlif sahələrə qoyulan vəsaitlər arasında balanslaşdırma siyasəti aparılır və hesab edirəm ki, əslində, elə dövlət büdcəsi özü də elmi tədqiqat əsəridir. Həqiqətən, burada müxtəlif rayonlar üzrə müxtəlif sahələri balanslaşdırmaq, proporsiya yaratmaq çətin bir işdir və hesab edirəm ki, bizim hökumətimiz bu işin öhdəsindən çox bacarıqla gəlib. Ona görə də sözsüz ki, mən bu büdcəyə səs verəcəyəm və sizi də səs verməyə dəvət edirəm.
Mən bir məsələni də qaldırmaq istəyirəm. Hörmətli həmkarım Rəşad müəllim bu məsələyə toxundu, mən istəyirəm, fikrimi bir balaca geniş aspektdən bildirim. Söhbət Bakı–Astara dəmir yolunun Lənkəran və Astara şəhərlərindən keçən hissəsindən gedir. Bu dəmir yolu, – Lənkəran və Astaradan olan həmkarlarım görüblər, – birbaşa dənizin sahilindən keçərək Lənkəran və Astara şəhərlərinin dənizə çıxışını bağlayır. Siz də bilirsiniz ki, dənizin qabarma və çəkilmə dövrləri olur. Qabarma dövrü olanda o dəmir yolunun platinası zərər çəkir, yəni su qabarma vaxtı platinaya yaxınlaşır və onun fundamentini yumağa başlayır. Dəfələrlə görmüşük, seçicilərimizlə bir yerdə baxmışıq, su dəmir yolunun özülünü yuyur, təmir eləyirlər, amma yenə də bu, məsələnin həlli deyil, məsələ birdəfəlik həll olunmalıdır. Söhbət nədən gedir? Söhbət ondan gedir ki, bu dəmir yolu  Lənkəran şəhərinin yuxarı hissəsinə köçürülməlidir. Hesab edirəm ki, bu, əvvəla, dənizkənarı infrastrukturun inkişafına çox böyük bir töhfə olardı, turizm inkişaf edərdi, ikinci bir tərəfdən dəmir yolunun məhsuldar işləməsinə şərait yaradardı, qatarların sürəti də artardı. Əlbəttə, bu nə qədər tez baş versə, hesab edirəm ki, bir o qədər yaxşıdır. Artıq bilirsiniz ki, Şimal–Cənub dəhlizi yaxınlarda, yəqin, bir ildən sonra, bəlkə də bir az tez istifadəyə veriləcək. Bu istifadəyə veriləndən sonra həmin köçürülmə işi çətin olacaq, niyə? Çünki artıq o yük daşımaları çoxalacaq və yük daşımalarının intensivləşdiyi vaxtda bunu köçürmək, doğrudan, çətin olacaq. Buna görə hökumətdən xahiş edirəm, həmkarımız Cavid müəllim də buradadır, ondan da xahiş edirəm ki, bu məsələni diqqətdə saxlasınlar. Bu bizim seçicilərimizin arzusudur, xahişidir, eyni zamanda, hesab edirəm ki, Azərbaycanda dəmir yolunun inkişaf etdirilməsi baxımından da olduqca vacibdir. Bu, Lənkəran–Astara şəhərlərinin və  bütövlükdə regionun inkişaf istiqamətində atılmış mühüm bir addım olardı. Bu fikrimi sizə çatdırmaq istəyirdim, bir daha hesab edirəm ki, büdcə, həqiqətən də, çox gözəl hazırlanıb və sizin hamınızı büdcəyə səs verməyə dəvət edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Rafiq Məmmədhəsənov.
R.Məmmədhəsənov. Sağ olun. Hörmətli Sədr, hörmətli deputatlar, hörmətli hökumət üzvləri! 2018-ci ilin dövlət büdcə layihəsi ilə tanışlıqdan, eyni zamanda, hörmətli nazirlərimizin çıxışlarından sonra belə qənaətə gəldim ki, büdcə sosialyönümlüdür, yəni büdcənin üçdə biri sosial-yönümlü layihələrə sərf olunacaq, bu, müsbət qiymətləndirilməlidir. Bir də qeyd etmək istəyirəm ki, dünyanı bürüyən iqtisadi böhran şəraitində belə bir büdcənin hazırlanması əlbəttə ki, müsbət haldır. Mən bir-iki məsələyə toxunmaq istəyirəm, özü də qısa danışacağam. Burada səhiyyəyə ayrılan vəsaitin təxminən 175 milyon manatı məqsədli dövlət proqramlarına sərf olunacaq, yaxşı haldır. Mən ikinci MDB dövləti tanımıram ki, bizdəki kimi 13 dənə məqsədli dövlət proqramı olsun. Amma burada müəyyən xəstəliklər var ki, o xəstəliklərə ayrılan vəsait keçənilki qədərdir. Məsələn, onların adlarını sadalaya bilərəm, şəkərli diabetdir, qan və qan komponentlərinin donorluğudur, dağınıq sklerozdur, uşaqların inzibati dispanserizasiyası və sairdir. Bubirilərini başa düşdük. Amma şəkərli diabet elə bir xəstəlikdir ki, bunu mən demirəm, Ümumdünya Səhiyyə Təşkilatının statistikləri deyirlər ki, bu il qeydiyyatda olan xəstələrin üzərinə növbəti il təxminən 10 faiz də gəlməlidir. Bu xəstəlik dünyada arta-arta gedir. Bu, qeyri-infeksion epidemik xəstəlikdir. Şəkərli diabetə ayrılan builki vəsait keçən ildəki qədərdir. Bəs indi bu artım nə cür olacaq? Xəstələrin sayı artır və bunların da dərman təchizatı, şəkər ölçən aparatlarla təminatı və sair məsələsi var. Bu da xəstələrdə haqlı olaraq narazılıq yaradır, Səhiyyə Nazirliyinə qarşı da mənfi fikir formalaşdırır. Ona görə də mən xahiş edərdim ki, imkan varsa, builki büdcənin üstünə 10 faiz də gəlinsin, təzə xəstələr də təmin olunsunlar.
Digər məsələni qeyd etmək istəyirəm. Mən seçildiyim bölgədə Gədəbəy–Tovuz  dağ rayonlarının qazlaşdırılması qalıb. Cənab Prezidentin də göstərişi var idi ki, 2013-cü ilə qədər bu məsələlər həll olunub qurtarsın. “Azəriqaz” bilmirəm, hara baxır? Rentabelli deyil, mən oraya qaz çəkməyə çətinlik çəkirəm, deyir. A kişi, dövlətin büdcəsini sən xərcləyirsən, niyə qaz çəkilmir, 2013-cü ildən keçilir 2014-ə, 2014-dən keçilir 2015-ə, indi də 2018-ci ildir, yenə də dağ kəndlərinə qaz çəkilmir. Mən hökumətin burada olmasından istifadə edib xahiş edirəm ki,  Gədəbəyin, Tovuzun dağ kəndlərinin qaz probleminin həllinə kömək göstərsinlər. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Valeh Ələsgərov, buyurun.
V.Ələsgərov. Təşəkkür edirəm, cənab Sədr. Hər dəfə deputatların əksəriyyəti çıxış edəndə sual verirlər ki, niyə neftin qiymətini 45 dollar götürürsünüz? Bunu artırsaq, büdcənin gəlir hissəsini  filan qədər artıra bilərik, filan işləri görə bilərik. Mənim fikrimcə isə düzgün bir qərardır.
Sizin dediyiniz beynəlxalq qurumlar verdikləri proqnozlara məsuliyyət daşıyırlarmı? Onların verdikləri proqnozlar düz çıxmasa, kim məsuliyyət daşıyacaq? Hökumət, yoxsa o qurumlar?
1980-ci illərin əvvəllərində İran körfəzində ölkələr arasında müharibə baş verəndə neftin qiyməti üç dəfə qalxmışdı. Sovetlərin guruldayan vaxtları idi, sonra qiymət üç dəfə aşağı düşəndə nə günə düşdülər? Bir qəpik də ehtiyat yaratmamışdılar, pulların hamısı xərclənmişdi.
Gəldi-gedər bir şeydir. Neftimiz, qazımız var, bunları satmaq lazımdır, lazım olanını istifadə edə bilərik, amma əksəriyyətini gərək ehtiyat olaraq saxlayaq, sabah nə olacaq, nə olmayacaq, kim bilir?
1990-cı illərin əvvəllərində beynəlxalq qurumlar proqnoz verirdilər ki, neftin qiyməti 2000-ci ildə 25–27 dollar olacaq. 1998–1999-cu illərdə    12–11-ə düşdü. Hansısa qurum cavab verdimi? Xeyr. İşlərini o proqnozlara uyğun quran dövlətlər bunun əziyyətini çəkdi. Ya da ki, 2007-ci ildə dediyiniz beynəlxalq qurumların hamısı bir ağızdan deyirdi ki, neftin qiyməti 2008-ci ildə 200 dolları keçəcək. Bir barelin qiyməti düşdü 39 dollara. Onun məsuliyyətini kim daşıdı? Əziyyətini kim çəkdi? O proqnoza inanan deputatlar, hökumətlər, xalqlar, millətlər.
Ona görə də mənim fikrimcə, bu mövzunu dəfələrlə müzakirə etməyə dəyməz. Bu hökumət büdcəyə görə məsuliyyət daşıyır. Məsuliyyət daşıdığına görə də bilir nə edir. Kim istəməzdi ki, hökumət proqnozu 50–55 dollar qoysun, biz də burada alqışlayaraq qəbul edək? Əlbəttə, istəyərdik. Amma mənim fikrimcə, daha düzgün yol ehtiyatlarımızı artırmaqdır. Daha düzgün yol ehtiyatlarımızı artıraraq gələcəyimiz üçün zəmanət yaratmaqdır. Heç kim bu gün deyə bilməz ki, 3–5 ildən sonra dünya bazarlarında, maliyyə bazarlarında, neft və qaz bazarlarında nə olacaq? Ona görə də bu mövzunu qapatmaq lazımdır. Bu proqnozu verən professional insanlardır, mütəxəssislərdir, biz onlara inanıb onları dəstəkləməliyik.    Çox sağ olun.
Sədrlik edən.  Sağ olun. Aydın Hüseynov.
A.Hüseynov. Hörmətli cənab Sədr, çıxışıma başlamamışdan öncə mən də istərdim ki, Yeni Azərbaycan Partiyasının 25-ci ildönümü münasibəti ilə başda partiyamızın sədri cənab Prezidentimiz İlham Əliyev və sədr müavini Mehriban xanım Əliyeva olmaqla, partiyamızın icra katibliyini, üzvlərini və bütövlükdə Azərbaycan xalqını təbrik edim, partiyamız ilə xalqımızın birliyində daha möhtəşəmlik arzulayım.
Hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri, media nümayəndələri! Mən də icazənizlə 2018-ci ilin büdcə layihəsi ilə bağlı bəzi fikirlərimi sizə çatdırmaq istərdim. Prezident İlham Əliyevin əsaslandırılmış siyasəti, qətiyyəti və ardıcıl prinsipiallığı, beynəlxalq aləmdə böyük nüfuzu sayəsində Azərbaycan dünyanın siyasi və iqtisadi məkanında mövqeyini günü-gündən gücləndirir. Düşünülmüş qarşılıqlı etimada əsaslanan müstəqil siyasət həyata keçirən regionun siyasi, iqtisadi və mədəni mərkəzi olan Azərbaycan bu gün beynəlxalq aləmdə siyasi sabitliyin, əmin-amanlığın, tərəqqinin, tolerantlığın məkanı kimi tanınır. Prezident İlham Əliyevin müəyyən etdiyi genişmiqyaslı proqramlara və müasir islahatlara, inkişaf modelinə uyğun olaraq hazırlanmış 2018-ci ilin dövlət büdcəsi layihəsi kifayət qədər nikbin ssenarilərə, dayanıqlı inkişafa, təmkinli və düşünülmüş siyasətə əsaslanır. 2018-ci ilin dövlət büdcəsi layihəsinin əsas istiqamətləri ilə bağlı bir neçə fikrimi də sizin diqqətinizə çatdırmaq istərdim.
Hökumətin makroiqtisadi proqnozunun təhlili göstərir ki, gələn il ölkə iqtisadiyyatında 1,5 faiz artım olacaq. Bu iqtisadi nailiyyət onu deməyə əsas verir ki, aparılan siyasət doğru hədəflərə istiqamətlənib. 2018-ci ilin dövlət büdcəsinin xərcləri 20 milyard 905 milyon manat, yəni ümumi daxili məhsulda çəkisi 30,1 faiz proqnozlaşdırılır ki, bu da 2017-ci il ilə müqayisədə 2,9 milyard manat və ya 16,5 faiz çoxdur. Büdcənin qeyri-neft gəlirləri 205 milyon manatdan çox olacaq. Bu artım indiyə qədər aparılan investisiya, iqtisadi şaxələndirmə və bu kimi istiqamətlərdə həyata keçirilən tədbirlərin nəticəsidir.
Vergilər Nazirliyinin xətti ilə daxil olan qeyri-neft gəlirləri gələn il 6 milyard manatdan çox olacaq. Bu da qlobal neft böhranından əvvəlki büdcənin müvafiq istiqamətləri üzrə xərclərdən 40 faiz və ya 1,7 milyard manat artıqdır. Başqa sözlə, 2018-ci ildə vergi gəlirlərinin hər 4 manatdan 3 manatı qeyri-neft sektorundan əldə ediləcək. Hesab edirəm ki, bütün bunlar cənab Prezidentin “Azərbaycan iqtisadiyyatı yeni çağırışlara uğurla adaptasiya edilir” fikrinin sübutudur. Növbəti ildə fiziki şəxslərin gəlir vergisində 2,4 faiz, hüquqi şəxslərin mənfəət vergisində 6 faiz, sadələşdirilmiş vergidə 10,5 faiz, ƏDV-də 2,1 faiz artımın gözlənilməsi son illər ölkədə biznes mühitinin inkişafı və sahibkarlığa dövlət qayğısının artırılması nəticəsində mümkün olmuşdur.
Qeyd edək ki, gələn il dövlət büdcəsinin xərclərində 16,5 faiz artım gözlənilir. MDB-də ən böyük iqtisadiyyata malik olan Rusiyada və Qazaxıstanda bu rəqəm 5–6 faiz arasında dəyişir. 2018-ci il dövlət büdcəsinin xərclərində sosialyönümlü xərclərə 7,6 milyard manat vəsait yönəldilmişdir ki, bu da dövlət büdcəsi xərclərinin 36,6 faizinə bərabərdir. Bu artım əhalinin sosial təminatının güclənməsi, rifahının yüksəlməsi kimi istiqamətlərdə aparılan uzunmüddətli siyasətin daha da dərinləşməsini və miqyasının genişlənməsini təmin edəcək. Büdcədə əmək haqlarının ödənişləri üzrə xərclərin 2,5 faiz artması gələn il əhalinin gəlirlərinin artımına səbəb olacaq və yaşayış standartlarının keyfiyyətini daha da yüksəldəcək.
Məlumdur ki, hökumətin fiskal siyasətinin mühüm prioritetlərindən biri investisiyanın təşviqat sahəsinin daha da genişləndirilməsidir. Bu siyasətin 2018-ci ildə də davam etdirilməsi məqsədi ilə dövlət büdcəsinin investisiya xərclərinin 4 milyard 924 milyon manat olması gözlənilir ki, bu da cari ilin müvafiq istiqamətləri üzrə verilən proqnozlardan 2 milyard 232 milyon manat artıqdır. İnvestisiya xərclərinin artırılması ölkə üzrə tikinti sektoru da daxil olmaqla bütün sahələrin inkişafında stimullaşdırıcı rol oynayacaq. Başqa sözlə, iqtisadiyyata yönəldilən bu vəsait həmin həcmdə ümumi daxili məhsulu artıracaq və bu da iqtisadi artımı təmin edərək 2018-ci ildə ümumi daxili məhsulun azalma riskini aradan qaldıracaq. Ölkədə insan kapitalının inkişafı hər zaman dövlətin fiskal siyasətinin mühüm parametrlərindən olub və bu ənənə 2018-ci ildə də davam edəcək.
Hörmətli millət vəkilləri, biz dünən komitə sədri hörmətli Ziyad müəllimin, eləcə də maliyyə naziri hörmətli Samir Şərifovun çox geniş və əhatəli çıxışlarını və digər bütün çıxışları dinlədik. Ona görə də fikirləri təkrarlamaq və vaxt almaq istəmirəm. Sizin icazənizlə Hesablama Palatasının rəyi ilə bağlı bir fikrimi bildirmək istərdim. Biz Hesablama Palatasının rəyinə baxarkən orada bir məqam mənim diqqətimi çəkdi və onu oxumaq istəyirəm. Hesablama Palatası əlavə dəyər vergisi qeydiyyatında olan hüquqi şəxslərə kommersiya fəaliyyətindən yaranan zərərin bağlanması (yəni subsidiya) üçün dövlət büdcəsindən köçürülən vəsaitlər üzrə əsas məbləğin hesablaşma hesabına, ƏDV-nin isə depozit hesabına köçürülməsini tövsiyə edir. Mən bunu çox düzgün hesab edirəm və ümumiyyətlə, bir fikrimi çatdırmaq istəyərdim ki, Maliyyə Nazirliyinin tərkibində fəaliyyət göstərən Dövlət Xəzinədarlığı Agentliyi həm də vəsaitlərin düzgün və operativ şəkildə, məqsədyönlü və son təyinatına çatdırılması istiqamətində çox böyük işlər görür. Bu gün onların potensialından istifadə edərək təkcə xərcləri həyata keçirmək deyil, eyni zamanda, dövlət büdcəsi gəlirlərini də formalaşdırmaq olar. Onu da qeyd edim ki, doğrudan da, bir neçə il bundan əvvəl əlavə dəyər vergisinin Dövlət Xəzinədarlığı Agentliyi tərəfindən depozit hesaba cəlb olunması istiqamətində çox böyük işlər görüldü və bu da, deyək ki, müvafiq quruma işlərin sürətləndirilməsində və dövlət büdcəsinin formalaşmasında öz müsbət nəticəsini verdi. Mən bütün bu potensialı, yəni Dövlət Xəzinədarlığı Agentliyinin potensialını nəzərə alaraq hesab edirəm ki, büdcə sifarişlərini həyata keçirən podratçı təşkilatlara vəsaitlər açılarkən büdcə təşkilatlarına hansı tələblər irəli sürülürsə, həmin podratçı hüquqi və yaxud da fiziki şəxslərə də, yəni mal alan və ya xidmət göstərən hüquqi və fiziki şəxslərə də həmin qaydaların tətbiq olunması çox məqsədəmüvafiq hesab olunar. Həmin fiziki və hüquqi şəxslərin büdcə öhdəlikləri və eləcə də sonrakı addımda əmək haqları Dövlət Xəzinədarlığı Agentliyi vasitəsilə öz təyinatı üzrə həyata keçirilərdi. Bu, birinci növbədə büdcə yayınması risklərini ortadan qaldırar, ikinci növbədə əmək müqavilələrinin bağlanması istiqamətində və  həm də büdcə gəlirlərinin formalaşmasında çox böyük bir təkan vermiş olardı. Yəni təkcə büdcə deyil, eyni zamanda, sosial ödənişlərin də bu şəkildə həyata keçirilməsi mümkün olardı.
Hörmətli millət vəkilləri, mən də istəyərdim ki, təmsil olunduğum Qaradağ rayonunun, – problem də demək olmaz, – həlli mümkün məsələləri ilə bağlı öz fikirlərimi bildirim. Birinci növbədə deyim ki, Qaradağ rayonu bu gün ölkə iqtisadiyyatında çox mühüm rol oynayan sənaye rayonuna çevrilib. Orada bu gün həm neft konsorsiumu ilə bağlı, həm də Bakı–Tbilisi–Qars dəmir yolu ilə bağlı çox böyük işlər həyata keçirilir. O, həm xarici investorların, həm də daxili investorların diqqətini cəlb edən bir rayona çevrilibdir. Eyni zamanda, cənab Prezidentimiz İlham Əliyev vaxtilə o rayondan millət vəkili seçilərək bir millət vəkili obrazının və millət vəkilliyi institutunun formalaşmasında çox böyük işlər görmüşdür. Bu gün millət vəkili dedikdə, qaradağlılar məhz o simanı və o formalaşmış nümunəni təsəvvür edirlər. Ona görə də seçicilərimin aşağıdakı xahişlərini diqqətinizə çatdırmaq istəyərdim. Qobustan qəsəbəsində kanalizasiya və su xətlərinin təzələnməsi, modul tipli iki məktəbin tikintisi və 30 evə qaz xətlərinin çəkilməsi. Sağ olun, diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Sağ olun. Sahib Alıyev.
S.Alıyev. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli hökumət üzvləri, dəyərli həmkarlar! 2018-ci ilin büdcəsi “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunub. Bir sıra yenilikləri və yetərincə koordinasiyalılığı ilə diqqət çəkir. Özü də bu koordinasiyalılıq hökumət üzvlərinin, Mərkəzi Bankın sədrinin heç də bir-birini təkrarlamayan, ancaq tamamlayan və bəzən də dəqiqləşdirici xarakter daşıyan çıxışlarında da özünü göstərdi. Büdcə üçün ən mühüm göstəricilərindən biri onun balanslılığı, digəri isə real olub-olmamasıdır. Balans deyəndə mən müxtəlif sahələrə ayrılacaq xərclərin bölgüsündən daha çox büdcənin, əgər belə demək mümkündürsə, maliyyə və iqtisadi funksiyaları arasındakı uyğunluğu nəzərdə tuturam. Çünki büdcə, sadəcə, gəlirlərinin növbəti il üçün ədalətli və adekvat bölüşdürülməsini özündə cəmləşdirən bir sənəd deyil. Büdcə həm də əhatə etdiyi il və növbəti illər üçün iqtisadi durumu müəyyənləşdirən, onun dayanıqlığına və yaxşılaşdırılmasına xidmət edən bir layihədir. Bu baxımdan götürdükdə 2018-ci ilin büdcəsi indikindən, fikrimcə, daha balanslıdır. Çünki burada sosial xarakterli məsələlərə diqqətlə yanaşı, iqtisadi fəallığa yol açan bir sıra addımların atılması da nəzərdə tutulur ki, bu da növbəti il üçün əgər 1,5 faiz artım proqnozlaşdırılırsa, gələcək illərdə bu göstəricinin daha da yaxşılaşacağına zəmin yaradır.
Büdcə real büdcədir. Nə üçün realdır, az öncə həmkarlarım səsləndirdilər. Ona görə buna toxunmayacağam. Sadəcə, onu deyəcəyəm ki, ilk növbədə ona görə realdır ki, burada neftin qiymətinin müəyyənləşdirilməsində ehtiyatlı bir yanaşma özünü göstərir. Gələn il üçün Azərbaycanda Dünya Bankının 1,4 faiz, Beynəlxalq Valyuta Fondunun isə 1,3 faiz artım proqnozlaşdırmaları, xərclərin tərtibi zamanı Beynəlxalq Valyuta Fondunun metodologiyasına əsaslanma da büdcənin real olacağını göstərir. Eyni zamanda, 2018-ci ildə cənab Prezidentin  təşəbbüsçüsü olduğu, təkcə Azərbaycan üçün deyil, bölgə üçün də çox mühüm əhəmiyyət daşıyan, ölkəmizin nəqliyyat qovşağına çevrilməsi potensialından faydalanmaq imkanı əldə edəcəyik. Sumqayıtda nəhəng ixrac potensialı olan polimer və karbamid zavodları fəaliyyətə başlayacaq. Bu da büdcənin reallığını təsdiqləyən və gələcəkdəki iqtisadi inkişafımıza yol açan bir əlamətdir.
Mən büdcədə bir çox sahələrə artımları, ilk növbədə müdafiə xərclərinin 3,3 faiz, sosial xərclərin 2,2, təhsil xərclərinin 11,7 faiz, elmə ayrılan xərclərin 10 milyon manat artırılmasını yüksək qiymətləndirirəm. Burada çıxış edən həmkarlarımın şəhid ailələrinə qayğı ilə bağlı, səhiyyə sahəsində artımlarla bağlı təkliflərini dəstəkləyir,  konkret proqramlar üzrə səsləndirilən təkliflərin hamısının da olmasa bəzilərinin yerinə yetiriləcəyinə ümid edirəm. Çünki həqiqətən də, seçicilərin xahişlərinin xeyli hissəsi məhz bu məsələlərlə bağlı olur. Büdcədə kənd, meşə və balıqçılıq təsərrüfatlarına ayırmaların 26,8 faiz artmasını da iqtisadi artım və regionların inkişafı baxımından mühüm sayıram. Bu öz növbəsində gələn il 33 rayonumuzun özlərini maliyyələşdirmələrinin təmini üçün çox mühüm addımdır. İpotekaya və sosial evlərin tikintisinə ayrılan vəsaitlərin 100 milyon manat artırılaraq 250 milyon manat olması da, təbii ki, ancaq müsbət reaksiya doğura bilər.
Bəli, burada səsləndi və mən də bu fikirdəyəm ki, biz ilk növbədə ona çalışmalıyıq ki, ipotekadan ən çox ehtiyacı olanlar faydalana bilsinlər, bu onlar üçün əlçatan olsun. Ancaq fikrimcə, biz indi elə bir keçid mərhələsindəyik ki, get-gedə diqqəti özəlliklə gələcək nəslin ev ilə təmin edilməsinə deyil, onların öz iş yerlərinin yaxınlığında istədikləri vaxt mənzil tutaraq öz evlərindəki kimi yaşamalarını əlçatan etmək üçün hansı addımların atılmalı olduğuna yönəltməliyik. Məsələn, Avropa Birliyində öz mənzili olanların sayı heç 60 faizə çatmır. Orada əks proses gedir. Almaniyada 2014-cü ilin statistikasına görə mənzil mülkiyyətçilərinin sayı 46 faizdir. İndi bir az da azalıb. İsveçrədə ondan da azdır. İsveçrədə təqribən əhalinin üçdə biri, sadəcə, mənzil mülkiyyətçisidir, digərləri isə kirayədə yaşamağa üstünlük verirlər. Gənclər arasında isə bu göstərici lap aşağıdır. Yəni mülkiyyətçilərin sayı aşağıdır. Çağdaş dövrün çevik cəmiyyət modeli bizdən məhz bunu tələb edir. Məsələn, Mərdəkanda evi olan, amma Lökbatanda özünə daha uyğun iş tapan birinin aldığı maaşın və vaxtının mühüm bir hissəsini yola sərf etməsi nə dərəcədə doğrudur? Yaxşı olmazmı ki, hər bir insan ona ehtiyac duyulduğu yerdə mənzil kirayələyə bilsin, həmin mənzildə də öz evindəki kimi rahat yaşasın? İlk baxışda elə təsir bağışlamasa da, əslində, tənzimlənən prosesdir. Bu proses nəticəsində elə orada da, İsraildə də orta sinfin təmsilçilərinin çoxu, demək olar ki, artıq fərdi avtomobillərdən də imtina edərək ictimai nəqliyyata, velosipedə, mopedə üstünlük verirlər. Çünki avtomobilin saxlanması orada onun alınmasından daha artıq xərc tələb edir. Fikrimcə, biz də artıq bu yöndə hansı addımlar atacağımızı deyil, – bu hər kəsə bəllidir və mənim dediyimi burada əyləşənlərin hamısı bilir, sadəcə, bunu  xatırlatdım, – bu addımı nə vaxt atmalı olduğumuzu və bu prosesi tezləşdirmək üçün nələr etməli olduğumuzu indidən müəyyənləşdirməli, həm də qanunvericilik bazasını formalaşdırmalıyıq.
Daha bir təklifim təmsil etdiyim Tərtər rayonu ilə bağlıdır. Bizdə qazlaşma 97 faizin üzərindədir və rayonun 100 faiz qazlaşması bu il başa çatmalıdır. Cənab Prezidentin bununla bağlı tapşırığını uğurla reallaşdıran uyğun strukturlara öz təşəkkürümü bildirirəm və cəbhə bölgəsi üçün bunun nə dərəcədə önəmli olduğunu, fikrimcə, vurğulamağa ehtiyac yoxdur. Amma rayonun ən böyük problemlərindən biri su qıtlığıdır. Onun aradan qaldırılması üçün ən çox artezian quyuları qazılan rayonlardan biri Tərtər olmasına baxmayaraq, bu ehtiyac ödənilmir və bəzən çıxarılan su nəinki şəxsi istifadə üçün, heç təsərrüfat üçün  də yararlı olmur. Sərsəng su anbarına təcavüzkar Ermənistan nəzarət edir. Yəqin, belə də davam edəcək. Yeri gəlmişkən, bizə ermənilərlə etimad mühitinin yaradılmasını məsləhət görənlər, görəsən, düşünmürlər ki, biri sənin ölkəndə sənin tikdirdiyin dəryaçanı zəbt edib, sənin ən çox ehtiyac duyduğun zaman  Kəlbəcərdən gələn suyunun qarşısını tam kəsərək düşmənçilik və yezidlik edirsə, onunla aranda hansı güvən və etimad ola bilər?
Hörmətli hökumət üzvləri, bilirsiniz ki, aprel döyüşləri zamanı ordumuzun düşməndən təmizlədiyi yüksəkliklərdən biri də Talış yüksəkliyidir. O yüksəkliyin azad edilməsi nəticəsində indi Şıxarxda  1170 ailəlik bir qəsəbə salınır. Bu, o regionda salınan ən gözəl qəsəbələrdən biridir və bəlkə də ən gözəlidir. Dağlıq Qarabağdakı qondarma və terrorçu rejimin zülmünün altında yaşayanların röyalarında belə görə bilməyəcəkləri bir qəsəbədir. Tezliklə onun təhvil veriləcəyi gözlənilir və bununla da bir çox səhiyyə, mədəniyyət obyektlərində və məktəblərdə  yerləşdirilən məcburi köçkün soydaşlarımız oraya köçürüləcək. Həmin obyektlərin təmirinə, özəlliklə də Azadqaraqoyunludakı kimi qədim və ənənəsi olan bir məktəbin təhvilinə və yenidən öz funksiyaları üzrə tam çalışmasına ehtiyac var. Ümid edirəm ki, gələn ilin büdcəsində bu da nəzərə alınacaq. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Ağalar Vəliyev.
A.Vəliyev. Hörmətli cənab Sədr, hörmətli hökumət üzvləri, hörmətli millət vəkilləri! Milli Məclisin müzakirəsinə təqdim olunan 2018-ci il dövlət büdcəsinin layihəsi möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yeni dövrün müasir çağırışlarına cavab verən islahatlar konsepsiyasına uyğun olaraq dünya və Azərbaycan iqtisadiyyatında gözlənilən meyillər və qlobal risklərin təhlili əsasında mükəmməl və şəffaf hazırlanmışdır.  Büdcə layihəsinin tərtibi zamanı ilk növbədə 2018–2021-ci illər üzrə makroiqtisadi proqnoz göstəriciləri, o cümlədən 2018-ci ildə ümumi daxili məhsulun 1,5 faizlik, qeyri-neft ümumi daxili məhsulun isə 2,9 faizlik artım sürəti əsas kimi qəbul edilmişdir.
Məlum olduğu kimi, hörmətli dövlət başçımız qeyri-neft sektorunun davamlı və rəqabətqabiliyyətli inkişafını, bu sahənin ümumi daxili məhsulda və  büdcə gəlirlərində xüsusi çəkisinin artırılmasını, kiçik və orta sahibkarlıq fəaliyyəti üzrə stimullaşdırıcı vergi islahatlarının davamlılığını, azad rəqabət mühitinin inkişaf etdirilməsini və investisiya qoyuluşunun təşviqinin genişləndirilməsini 2018-ci ildə hökumətin prioritet vəzifələri kimi müəyyənləşdirmişdir.
Gələn ilin  dövlət büdcəsi hazırlanarkən  məhz  bu vəzifələrin icrası ilə əlaqədar maliyyə təminatının yaradılmasına, ölkənin milli təhlükəsizliyinin və müdafiə qabiliyyətinin gücləndirilməsinə, kənd təsərrüfatı istehsalının stimullaşdırılmasına, elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət və idman sektorlarının maddi-texniki təminatının daha da yaxşılaşdırılmasına, məşğulluq səviyyəsinin yüksəldilməsinə və əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin artırılmasına önəm  verilmişdir.
Artıq qeyd olunduğu kimi, 2018-ci il üçün dövlət büdcəsinin gəlirləri 20 milyard 127 milyon manat proqnozlaşdırılır ki, bu da ümumi daxili məhsulun 29 faizi həcmində olmaqla, 2017-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 3 milyard 361 milyon manat və yaxud 20 faiz, 2016-cı ilin faktiki icra göstəricisi ilə müqayisədə isə 2 milyard 621,2 milyon manat və yaxud 15 faiz çoxdur.
Büdcə gəlirlərinin dövlət büdcəsində xüsusi çəkisi neft sektoru üzrə 55,1 faiz və ya 11 milyard 96 milyon manat, qeyri-neft sektoru üzrə isə  44,9 faiz və ya 9 milyard 31 milyon manat nəzərdə tutulmuşdur ki, bu da 2017-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 205 milyon manat və ya 2,3 faiz çox artım deməkdir.
Qeyri-neft sektoru üzrə büdcə gəlirlərinin 66,7 faizini və ya 6 milyard 27 milyon manatını vergi orqanlarının xətti ilə daxilolmalar, 26,9 faizini və ya 2 milyard 430 milyon manatını Dövlət Gömrük Komitəsindən daxilolmalar, 6,4 faizini və ya 574 milyon manatını digər gəlirlər təşkil edəcəkdir.
2018-ci ilin dövlət büdcəsi gəlirlərinin tərkib hissəsi olan yerli gəlirlər  650 milyon manat proqnozlaşdırılır ki, bu da 2017-ci ilə nisbətən 3,7 milyon manat və ya 0,6 faiz çoxdur.
Yeri gəlmişkən qeyd edim ki, son illər ərzində ölkəmizin  bütövlükdə  dayanıqlı sosial-iqtisadi tərəqqisi  ilə yanaşı, təmsil etdiyim Goranboy, Ağdam və  Tərtər  rayonları da daxil olmaqla regionların  tarazlı  inkişafı, bölgələrdə infrastruktur layihələrin  reallaşdırılması, yeni müəssisələrin açılması və sosial təyinatlı obyektlərin istifadəyə verilməsi son nəticədə büdcə gəlirlərinin artmasına əlverişli şərait yaratmışdır ki, bu ənənə də yeni büdcə zərfində öz əksini tapmışdır.
Məsrəflər baxımından 2018-ci ilin dövlət büdcəsinin xərcləri 20 milyard 905,7 milyon manat proqnozlaşdırılır ki, bu da 2017-ci illə müqayisədə 2 milyard 964,7 milyon manat və ya 16,5 faiz, 2016-cı ilin faktiki icrası ilə müqayisədə 3154,4 milyon manat və ya 17,8 faiz çoxdur. Gələn il üçün dövlət büdcəsi xərclərinin ümumi daxili məhsulda xüsusi çəkisi ötən illə müqayisədə 3,8 faiz artaraq 30,1 faiz təşkil edəcəkdir.
Ölkənin davamlı inkişafının təmin olunmasında iqtisadiyyata tələb olunan strukturda, həcmdə və keyfiyyətdə investisiya qoyuluşunun əhəmiyyəti nəzərə alınaraq büdcə layihəsində bütün maliyyə mənbələri hesabına təxminən 9 milyard manat vəsaitin ayrılması proqnozlaşdırılmışdır. 
Təqdirəlayiq haldır ki, növbəti  ildə dövlət büdcəsi xərclərinin 8 milyard 512,8 milyon manatı və ya 40,7 faizi konkret proqram və tədbirlərin maliyyələşdirilməsi üçün nəzərdə tutulur ki, bu  da  2017-ci illə müqayisədə 3 milyard 264,1 milyon manat və ya 62,2 faiz çoxdur.
Məlumdur ki, tikinti sektorunun inkişaf səviyyəsi hər bir dövlətin iqtisadi rifahının ən mühüm göstəricilərindən biridir. Bir çox inkişaf etmiş ölkələrdə iqtisadi fəallığın qiymətləndirilməsi məqsədi ilə tikinti sektorunun inkişaf indikatorundan istifadə edilir. Tətbiq olunan bu indikator bir  makroiqtisadi göstərici kimi  ölkənin  milli iqtisadiyyatının real vəziyyətini əks etdirir.
Hesab edirəm ki, digər təsiredici amillərlə yanaşı, bu müsbət təcrübədən  Azərbaycanda  istifadə olunması  tikinti  sektorunun  inkişafını  daha  da stimullaşdırardı. Təbiidir ki, inşaat sektorunun canlandırılması  öz-özlüyündə yeni iş yerlərinin yaradılması, büdcəyə əlavə vəsaitlərin daxil olması, abadlaşdırma işlərinin genişləndirilməsi və insanların rifah halının yüksəldilməsi deməkdir. Bu baxımdan büdcə layihəsində 4 milyard 900 min manat bilavasitə tikinti sektoruna yönəldilməklə əsaslı xərclərə ümumi xərclərin 37,7 faizi həcmində, başqa sözlə, əvvəlki ilə nisbətən 46 faiz və ya 2 milyard 481 milyon manat çox vəsaitin ayrılmasını çox önəmli məqam kimi vurğulayardım.
Hökumət üzvlərinin burada iştirakını nəzərə alaraq millət vəkili kimi təmsilçisi olduğum Goranboy rayonunun bəzi  həlli vacib sosial-iqtisadi problemlərinə toxunmaq istərdim. Belə ki, müvafiq dövlət proqramlarına uyğun olaraq Goranboy rayonunun 85 yaşayış məntəqəsindən 73-ü qazlaşdırılmış və rayon üzrə qazlaşdırma 94 faizə çatmışdır, bununla belə, bilavasitə təmas bölgəsində yerləşən  12 kəndin qazlaşdırılmasına ehtiyac vardır. Todan, Nərimanlı, Qazançı, Goran, Qarapirimli kəndlərinin qazlaşdırılmasına ehtiyac vardır. Xahiş edirəm, bu məsələ gələcək illərin planına salınsın.
Eyni zamanda, yeni iqtisadi meyillər nəzərə alınmaqla gələcək illərdə inflyasiyanın birrəqəmli olması və iqtisadi artımın sürətləndirilməsi proqnozlaşdırılır ki, qeyri-neft sektorunda 2018-ci ildə bu artım 2,9 faiz, növbəti illərdə isə orta hesabla 3 faiz təşkil edəcəkdir.
Qeyri-neft sektorunun ardıcıl tədbirləri nəzərə alınmaqla 2018-ci ildə ümumi daxili məhsul 1,5 faiz, növbəti illərdə isə orta hesabla 3,5 faiz artacaq və  2018–2021-ci illərdə qeyri-neft sənayesi üzrə orta hesabla 7,3 faizlik artım təmin ediləcəkdir.
Cənab Prezidentin bu günlərdə Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimində qeyd etdiyi kimi, son 14 il ərzində inamla inkişaf edən Azərbaycan güclü ölkəyə çevrilmiş, tarixində heç vaxt indiki qədər güclü olmamışdır. İqtisadi islahatlar baxımından Azərbaycan qədər sürətli inkişaf yolu ilə gedən ikinci ölkə yoxdur. Zənnimcə, hörmətli dövlət başçımızın qarşıya qoyduğu proqram xarakterli vəzifələrə uyğun tərtib olunan və Azərbaycan Respublikasının büdcə-vergi siyasətinin bütün  prioritet istiqamətlərini əhatə edən 2018-ci ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələri qarşıdakı ildə iqtisadiyyatın səmərəliyinin və dayanıqlığının təmin edilməsinə, onun aparıcı sahələrinin modernləşməsinə və şaxələnməsinə, sosial prioritetlərin saxlanılmasına, əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılmasına və sosial rifahının artırılmasına xidmət edəcəkdir.
Bütün bu məqamları nəzərə alaraq büdcə zərfinə daxil olan qanun layihələrinin dəstəklənməsini məqsədəuyğun sayıram və dəyərli həmkarlarımı onların qəbul olunmasına səs verməyə dəvət edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Hörmətli millət vəkilləri, 44 nəfər millət vəkili çıxış etdi, 37 nəfər də komitələrin müzakirələrində çıxış etmişdi. Mən növbədənkənar Flora xanıma söz verim, ondan sonra müzakirələri bitirək. Sonra hökumət suallara cavab versin. Çıxışlarınızı katibliyə verə bilərsiniz,  stenoqrama salınacaq. Etiraz yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Flora xanım, buyurun.
F.Qasımova. Çox sağ olun, Oqtay müəllim. Hörmətli hökumət üzvləri, hörmətli həmkarlarım! Büdcə layihəsi 2 gündür, belə gərgin müzakirə olunur. El arasında belə bir deyim var,  pul qazanmaq asandır, lakin onu xərcləmək çətindir. Əlbəttə, büdcə layihəsi  hazırlanarkən hər sahə araşdırılıb, olan məlumatlar toplanıb və belə bir büdcə hazırlanıbdır. Nəzərə alaq ki, Azərbaycanın 20 faiz torpağı Ermənistan tərəfindən işğal olunub, özü də elə münbit torpaqlarımız işğal olunub ki, orada çoxlu təbii sərvətlərimiz var idi, həm də turizmin inkişafı üçün əlverişli şəraiti olan torpaqlarımız işğal olunub. Əgər o torpaqlar işğal olunmasaydı, yəqin ki, bu gün bizim büdcəmiz daha böyük olardı. Əgər 1 milyon qaçqın və köçkünümüz olmasaydı, yəqin ki, o pulları biz  bu gün ehtiyacı olan sahələrdə istifadə edə bilərdik. Əlbəttə, bütün bunları demək çətindir, ancaq mən qısaca seçicilərimin təklifini də sizə çatdırmaq istəyirəm.
Oqtay müəllim, mən bu yaxınlarda Oğuz rayonunda seçicilərlə görüşdüm.  Oğuz rayonunda 2 minə qədər köçkün yaşayır və bunlar 25 ildən artıqdır ki, bu rayonda məskunlaşıblar. Bunların bir qismi Oğuz rayonunda yeganə peşə məktəbi olan 143 saylı məktəbdə məskunlaşıb.  Əlbəttə, bu illər ərzində təmir olunmadığından və dəfələrlə Oğuz rayonunda zəlzələ olduğundan bu peşə məktəbi yararsız hala düşübdür.  Bu il aprel ayında olan zəlzələdən sonra isə bu insanlar tamamilə qorxu içərisində yaşayırlar. 2017-ci il mayın 5-də Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri peşə məktəbinə baxış keçirmiş, tikilinin qəzalı və yanğın təhlükəli olduğu haqqında akt tərtib etmişlər. Mən özüm bu binaya, həqiqətən, qorxu içərisində girdim. Binanın girəcəyində pilləkən dağılıb, heç pilləkəndən əsər-əlamət yoxdur. Binanın zirzəmisinə bəlkə 40–50 santimetrlik çirkab sular dolub. Zirzəmiyə daş atdılar, suyun səsi bayıra yayıldı. Binanın çardaq hissəsinə asbest şifer vurulmuşdu, zəlzələ zamanı o dağılıb və məktəbin yataqxanası da bərbad hala düşüb. Nəzərə alsaq ki, tavan və döşəmə beton panellərdən ibarətdir, zəlzələ zamanı bu panellərin altında olan daşlar tökülüb, panellər aralanıb və çox bərbad bir vəziyyət yaranıb. Otaqlara girirsən, nəmişlikdir. Burada körpə uşaqlar yaşayırlar, təbiidir ki, onlar tez-tez xəstələnirlər. Seçicilərim çox xahiş etdilər ki, bu vəziyyəti sizə çatdırım.
Bilirəm ki, köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün bu il keçən ilkinə nisbətən  daha çox pul ayrılmışdır. Biz də nəzərə alaq ki, qəzalı vəziyyətdə olan evlərdə yaşayan köçkünlər dövlət rəhbərinin diqqətindədir.
Təsadüfi deyil ki, Birinci vitse-prezidentimiz möhtərəm Mehriban xanım ilk toplantısını qəzalı vəziyyətdə olan binalarda yaşayan köçkünlərin mənzillərlə təmin olunmasına həsr etmişdi. Çox xahiş edirəm, Oğuz rayonundakı peşə məktəbinin təmiri və ya yenidən tikilməsi builki plana salınsın və köçkünlər yeni mənzillərlə  təmin olunsunlar. Deməliyəm ki, Oğuz rayonunda bu  köçkün ailələri üçün torpaq sahəsi çoxdan ayrılıb. Əgər bu peşə məktəbində yaşayan köçkünləri biz mənzillə təmin etsək, peşə məktəbinin də fəaliyyəti canlanar və oraya şagird toplamaq mümkün olar. Peşə məktəbi özü Təhsil Nazirliyinin balansındadır və Təhsil Nazirliyi də oraya baxış keçirib. Lakin nazirlik orada köçkünlər olduğuna görə təmir  də edə bilmir. Hökumət üzvlərindən çox xahiş edirəm, bu işlə əlaqədar Əli müəllimdən də  xahiş etmişəm. Əgər bu il qəzalı vəziyyətdə olan evlərdə yaşayan köçkünlərin yeni mənzillərlə təmin olunması haqqında planınız varsa, Oğuz rayonunun bu peşə məktəbində yaşayan köçkünləri də nəzərə alın. Diqqətinizə görə çox sağ olun. 
Sədrlik edən. Sağ olun. İndi maliyyə naziri Samir Şərifova söz verək. Buyurun, Samir müəllim.
S.Şərifov, Azərbaycan Respublikasının maliyyə naziri.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! İlk növbədə mən də fürsətdən istifadə edərək Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illik yubileyi münasibəti ilə partiyanın sədri möhtərəm Prezidentimiz başda olmaqla partiyanın bütün üzvlərini ürəkdən təbrik etmək istərdim. Ulu öndər Heydər Əliyev tərəfindən yaradılmış və hakimiyyətə gətirilmiş bu siyasi partiya  Azərbaycan xalqına müstəsna xidmətlər göstərmiş və müstəqil Azərbaycan dövlətinin yaradılması və inkişafına mühüm töhfələr vermişdir. 
Hörmətli millət vəkilləri,  büdcə ətrafında olan müzakirələrlə əlaqədar bəzi məlumatlar vermək, eyni zamanda, müzakirələrdə iştirak etmiş bütün millət vəkillərinə öz minnətdarlığımı bildirmək istərdim. Burada səslənmiş fikirlərdə dövlət büdcəsinin xərclənməsi prosesində iştirak edən bütün qurumlara, hökumətin ünvanına müsbət qiymət verildi. Ona görə də təşəkkürümü bildirmək istəyirəm.
Bir sıra məsələlərlə bağlı burada qeyd olundu. Məsələn, Fazil Qəzənfəroğlu öz çıxışında bəzi məsələlərə toxundu. O cümlədən qeyd etdi ki, bəzi sosial  xərclər azaldılır. Tam məsuliyyətlə qeyd etmək istəyirəm ki, bu ilin dövlət büdcəsində heç bir sosial xərc azaldılmayıb. Yəni ən azı cari ilin səviyyəsində saxlanılıb, bir çox xərclər isə artırılıb. Büdcənin strukturuna baxsanız, görərsiniz ki, əsasən, artan xərclərin bir qismi  investisiya yönümlü xərclər, bir qismi də dövlət borcu ilə bağlı xərclərdir. O ki qaldı sosial xərclərə, tələbələrə verilən təqaüdlərlə bağlı xərclərə də toxunulmuşdu ki, burada azalma var. Biz belə rəqəmlərlə  tanış deyilik, əksinə, burada müəyyən artım müşahidə olunur. Təqaüdlərin verilməsinin yeni mexanizmi, bildiyiniz kimi, artıq tətbiq olunub. Yəni təqaüdlər  təkcə dövlət sifarişi ilə oxuyan tələbələrə verilmir, dövlət sifarişi ilə daxil olmayan, ancaq yaxşı qiymətlər alan tələbələrə də təqaüdlərin verilməsi prosesinə başlanmışdır. 
Sosial müdafiə və təminat xərcləri ilə bağlı qeyd etmək istərdim ki,  çıxışımda da qeyd etmişdim, Dövlət Sosial Müdafiə Fondunun dövlət büdcəsindəki öhdəlikləri 1,3 milyard manat məbləğində qiymətləndirilmiş və həmin vəsait dövlət büdcəsində öz əksini tapmışdır. Beləliklə də burada nəzərdə tutulmuş vəsaitlərin ödənilməsi də həyata keçiriləcək.
Digər tərəfdən isə qeyd olunmalıdır ki, əmək pensiyaları haqqında qanunvericiliyə uyğun olaraq əmək pensiyalarının indeksləşdirilməsi həyata keçiriləcək. Həmin indeksləşdirmə zamanı da müəyyən artımların həyata keçirilməsi nəzərdə tutulur.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə isə dövlət büdcəsi layihəsində 245 milyon manat vəsait nəzərdə tutulmuşdur. Bu da əvvəlki illə müqayisədə 50,5 milyon manat və yaxud 26 faiz  çoxdur. 
Bundan əlavə, məlumat verildiyi kimi, 200 milyon manat vəsait də Dövlət Neft Fondunun hesabından qaçqın və köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması tədbirlərinə yönəldiləcəkdir. Eyni zamanda, köçkünlərin məskunlaşdıqları mənzillərdə Dünya Bankından alınmış vəsait hesabına müəyyən  təmir işlərinin həyata keçirilməsi də nəzərdə tutulub.
O cümlədən hörmətli Siyavuş Novruzov tərəfindən Rəşt–Astara yolunun işə  düşməsi ilə əlaqədar məsələ qaldırılmışdı ki, o yolun tezliklə maliyyələşdirilməsinə başlanılsın. Məlumat vermək istərdim ki, bu istiqamətdə işlər həyata keçirilməkdədir. Müvafiq  kredit sazişi layihəsi üzərində işlər yekunlaşmaq fazasındadır. Güman edirik ki, hazırlıq işləri başa çatdıqdan  sonra bu prosesə tam başlanılacaqdır.
Dəmir yolu ilə əlaqədar bir məsələ hörmətli Ziyafət müəllim tərəfindən qaldırılmışdı. Söhbət Lənkərandan keçən dəmir yolundan gedir. Qeyd etmək istərdim ki, dövlət başçısının tapşırığına uyğun olaraq bu istiqamətdə də işlər aparılır, yəni dəmir yolunun dəniz kənarından köçürülməsi ilə əlaqədar işlərin həyata keçirilməsi üçün müvafiq hazırlıq işləri görülür. Bu işlərlə həm “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti, həm də İqtisadiyyat Nazirliyi yaxından məşğuldur.
Bir sıra digər məsələlərə də aydınlıq gətirmək istərdim. Burada dövlət idarəetmə xərclərinin yüksək olması ilə əlaqədar deyildi. Bu məsələyə biz konkret rəqəmlərlə baxmalıyıq, faiz nisbətlərinin istifadə edilməsi, hesab edirəm ki, bir o qədər də ədalətli yanaşma olmaz. Bu işlərin görülməsinə büdcə təsnifatında baxılmalıdır. Hesab etmirik ki, Azərbaycanda dövlət idarəetmə xərcləri  çox yüksəkdir. Qeyd etməliyəm ki, 2017-ci il ərzində dövlət başçısının tapşırığına uyğun olaraq bu sahədə də müəyyən islahatyönümlü tədbirlər görülmüşdür. Dövlət aparatının təkmilləşdirilməsi və azaldılması istiqamətində 17 milyon manatdan yuxarı vəsaitin qənaətinə nail olunmuşdur. Bu məsələ ilə bağlı biz əlavə fikir mübadiləsi aparmağa hazırıq.
Digər  qaldırılan məsələlərdən biri də Xarici İşlər Nazirliyinin diplomatik nümayəndəlikləri ilə bağlıdır. Hesab edirəm ki, bunlar da dövlət idarəetmə xərclərində müəyyən mənada öz əksini tapır. Burada da  müəyyən təkmilləşmələr həyata keçirilmişdir. Əsas prinsip ondan ibarətdir ki, prioritet təşkil edən ölkələrdə, şübhəsiz ki, səfirliklərdə eyni ştatlar saxlanılır. İkinci yanaşma qarşılıqlılıq prinsipidir. Yəni elə böyük dövlətlər var ki, Azərbaycanda onların heç bir diplomatik nümayəndəliyi yoxdur. Hansısa qonşu dövlət vasitəsilə öz diplomatik nümayəndəliklərini Azərbaycanda həyata keçirirlər. Ona görə də bəzi dövlətlərdə diplomatik nümayəndəlik statusunun bir qədər azaldılması istiqamətində tədbirlər  görülmüşdür. Bu dövlətlərin sayı o qədər də çox deyil. Ümumiyyətlə, müəyyən ştat ixtisarı  həyata keçirilmişdir. O cümlədən hərbi attaşelər barədə də burada məsələ qaldırıldı.  Bir sıra  dövlətlərdə hərbi attaşelərin aparatlarında da ixtisarlar edilmişdir. Burada da  ilk növbədə  prioritetlik və hərbi sahədə əməkdaşlıq məsələləri önə çəkilmiş, bunun əsasında da bu təkmilləşmə həyata keçirilmişdir.
Qanunvericilik və icra hakimiyyəti orqanlarının saxlanılması ilə əlaqədar məsələlər də qaldırılmışdı. Mən təkcə rəqəmləri bildirmək istəyirəm ki, bu sahədə 655 milyon manat vəsait nəzərdə tutulub. Burada bütün dövlət orqanları təmsil olunub, o cümlədən Milli Məclisin xərcləri də öz əksini tapıb.
Reproduktiv sağlamlaşdırma xərcləri. Bu xərclər də ana və uşaqların sağlamlaşdırılmasına dair dövlət proqramının tərkibindədir. Bu proqram üzrə 3 milyon manat vəsait ayrılıb. Bu məsələ qaldırılmışdı və bununla bağlı mən arayış vermək istədim. İcbari tibbi  sığorta ilə bağlı bir sıra suallar qaldırılmışdı. Qeyd etmək istərdim ki, dövlət başçısının tapşırığına əsasən uyğun olaraq 2 rayonda pilot layihələr həyata keçirilir və onlar artıq öz müsbət nəticələrini verməkdədir. Növbəti ildə də 1–2 rayonda  icbari tibbi sığortanın həyata keçirilməsi nəzərdə tutulur. Hazırda həmin proqramın icra edilməsi ilə əlaqədar ilkin nəticələrin   təhlilinə ehtiyac var. Bunun əsasında hesab edirəm ki, bu proses daha geniş vüsət alacaqdır.
Səhiyyə sahəsində bir sıra suallar qaldırılmışdı ki, xərclər əhalinin artımı ilə uzlaşdırılsın, yəni xərclər artırılsın. Biz də prinsip etibarilə hesab edirik ki, xərclərin artırılmasına, ola bilsin, ehtiyac var. Amma bu, ümumiyyətlə, təkcə səhiyyəyə aid deyil, dövlətin bütün xərclərinə aid olan bir məsələdir. Xərclər ilk növbədə bizim gəlirlərimizlə uzlaşmalıdır, yəni bizim imkanlarımızla uzlaşmalıdır. Gəlir olmayan yerdə xərclərin artırılması qısa müddət  çəkə bilər, ondan sonra bu daha böyük mənfi fəsadlar yarada bilər. Ona görə hesab edirəm ki, biz xərclərimizi optimal səviyyədə tənzimləməliyik və çalışmalıyıq ki, bizim gəlirlərimiz, əsasən də, qeyri-neft sektorundakı gəlirlərimiz artsın ki, onun hesabına biz  gəlirlərimizi artıraq. Məhz ona görə də neft sektorundan, daha doğrusu, neftin satışından əldə edilən gəlirlərin istifadəsinə hökumət xeyli həssas yanaşır və bu gəlirlərin  böyük bir hissəsini ehtiyatlara yönəldib. Çünki çətin iqtisadi durumda  bizim ehtiyatlara ehtiyacımız çox olacaq.  Gəlirləri artıra bilmiriksə, digər yol ondan ibarətdir ki, biz hər hansı digər xərclərimizi azaldıb bunları digər istiqamətə yönəltməliyik. Ona görə burada vəziyyət prioritetlərdən asılıdır. Təkcə onu qeyd etmək istərdim ki, bu xərclərin imkan dərəcəsində edilməsi həyata keçirilir.
Avtomobil yollarının tikintisi ilə bağlı bir sıra deputatlar sual qaldırmışdılar. Bəzi suallara mən indidən cavab verə bilərəm, məlumatımız var. Digər qaldırılan məsələlərlə bağlı biz bunları, şübhəsiz ki, təhlil etməliyik, müvafiq qurumlar təhlil etməlidirlər, yalnız bundan sonra biz buna baxa bilərik. Şirvan–Nohurlu–Salyan avtomobil yolu ilə bağlı deyə bilərəm ki, burada artıq  maliyyə təminatı nəzərdə  tutulub və çox güman gələn ildən bu yolun tikintisinə başlanılacaqdır.
Lənkəran dəmir yolu ilə bağlı mən arayış verdim. Bakıətrafı yollarla bağlı da dövlət başçısı tərəfindən müvafiq tapşırıqlar verilmişdir və növbəti ildə bu işlərin həyata keçirilməsinə başlanılması nəzərdə tutulur.  Abşeron  yarımadasında Bakıətrafı qəsəbələrin dəmir yolu şəbəkəsinin yenidən qurulması və yeni stansiyaların tikintisindən söhbət gedir.
Qazlaşdırma işləri ilə bağlı suallar qaldırılmışdı. Daha ətraflı məlumatı, yəqin ki, aidiyyəti qurum verməlidir. Təkcə onu qeyd etmək istərdim ki, cari ildə bu işlərlə bağlı Dövlət Neft Şirkətinə hökumət tərəfindən 100 milyon manat vəsait ayrılıb. Növbəti ildə də təxminən bu rəqəmdən az olmayan məbləğdə  vəsaitin ayrılması nəzərdə tutulur. 
Burada tullantıların yığılması və idarə edilməsi ilə bağlı deputat Elmira Axundova sual qaldırmışdı. Mən bununla əlaqədar məlumat vermək istərdim ki, bu istiqamətdə də böyük işlər görülür. Bu günə kimi Bakı bərk məişət tullantılarının yandırılması zavodu inşa edilmişdir. Bu, 500 min tonluq  zavoddur, bunun emal gücü var. Eyni zamanda, bunun yanında Bakı bərk məişət tullantılarının çeşidlənməsi zavodu tikilmişdir. İldə 200 min ton çeşidləmə həyata keçirilir. Ən yüksək beynəlxalq standartlara uyğun Balaxanı tullantı poliqonu yaradılmışdır. Bunlar hamısı ekologiya sahəsində görülən işlərdir. O cümlədən Balaxanıda ilk ekopark yaradılmışdır. Hazırda Avropa Yenidənqurma və İnkişaf Bankı, habelə Dünya Bankı ilə həmin sahəyə kreditlərin  ayrılması ilə əlaqədar danışıqlar aparılır. Söhbət burada təkcə vəsaitin cəlb edilməsindən getmir, eyni zamanda, həmin sistemin beynəlxalq standartlara uyğun yaradılması ilə bağlı texniki ekspertizanın alınmasından gedir. Artıq bu istiqamətdə irəliləyiş var və bərk məişət tullantılarının vahid idarəçilik layihəsi çərçivəsində milli strategiya sənədi hazırlanmışdır. Çox təkmil bir sənəddir. Nəzərdə tutulur ki, növbəti ildən başlayaraq  4 region üzrə, – buraya Naxçıvan Muxtar Respublikası, Gəncə, Qazax, Quba, Xaçmaz,  Sumqayıt və Abşeron daxildir, yəni böyük əhatəli regionlardan söhbət gedir, – məişət tullantılarının idarə edilməsi layihələrinin həyata keçirilməsinə başlanılması nəzərdə tutulur. Eyni zamanda,  Avropa Yenidənqurma və İnkişaf Bankı ilə birgə Bakı şəhərinin ən azı 2 rayonunda da  tullantıları idarəetmə məntəqələrinin yaradılması nəzərdən keçirilir. 
Şəmkir, Tovuz və digər rayonlarda məktəblərin təmiri ilə bağlı bir sıra məsələlər qaldırılmışdı. Burada qeyd etmək istərdim ki, Şəmkir rayonu ilə bağlı son illərdə dövlət investisiyaları hesabına həmin rayonda 20-dən artıq məktəbdə əsaslı təmir və bərpa-gücləndirmə işləri həyata keçirilmişdir. O cümlədən 2017-ci il ərzində Şəmkir rayonunda daha 2 modul tipli məktəb quraşdırılıb. Növbəti ilin dövlət investisiya proqramı çərçivəsində də ölkə üzrə məktəblərdə tikinti və əsaslı təmir işlərinin həyata keçirilməsi davam etdiriləcəkdir.
Tovuz rayonu ilə bağlı hörmətli Qənirə Paşayeva məsələ qaldırmışdı. Qeyd etmək istərdim ki, son illərdə Tovuz rayonunda 30-dan artıq məktəbdə tikinti  və əsaslı təmir işləri aparılmış, o cümlədən  2017-ci ildə 3  modul tipli məktəb quraşdırılmışdır.  Növbəti ildə də  bu işlərin davam etdirilməsi  nəzərdə tutulur.
Bir sıra deputatlar tərəfindən qaldırılan digər məsələlərə, qeyd etdiyim kimi, biz bir sessiya ərzində, yəqin, cavab  verə bilmərik. Onların təhlil edilməsi daha  çox vaxt tələb edir. Bir də, ənənəvi olaraq burada məsələ qaldırılmışdı ki, deputatlar tərəfindən hansı məsələlər qaldırılır, bunlara hökumət tərəfindən necə cavab verilir. Bunlara baxılır və mütəmadi olaraq müvafiq məlumatlar Milli Məclisə təqdim olunur. Gördüyünüz kimi, deputatlar tərəfindən qaldırılan, o cümlədən bir sıra investisiyalarla bağlı layihələr artıq dövlət büdcəsində öz əksini tapır və növbəti ilin dövlət büdcəsində təsdiq olunacaq investisiya proqramında da əksini tapacaqdır.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Samir müəllim. İndi sözü verək Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmova.
E.Rüstəmov, Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin sədri.
Təşəkkür edirəm, cənab Sədr. Mən də fürsətdən istifadə edib Yeni Azərbaycan Partiyasının lideri möhtərəm Prezident İlham Əliyev başda olmaqla partiya üzvlərini böyük yubiley münasibəti ilə ürəkdən təbrik edirəm. Bütövlükdə tarixi Azərbaycanın yeni müstəqillik tarixi ilə üst-üstə düşən bu partiya 25 il ərzində  Azərbaycanda iqtisadi və dövlət quruculuğu istiqamətində görülən bütün işlərdə  öndə olub və bugünkü tariximizin formalaşmasında da olduqca mühüm rol oynayıb. Partiyanın qurucusu olan ulu öndər Heydər Əliyevin əziz xatirəsini,  Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərini yad etmək istəyirəm.
2018-ci ilin büdcə zərfinə daxil olan iqtisadi siyasətin əsas istiqamətləri 2 gün ərzində Milli Məclisdə prinsipial və hərtərəfli müzakirə olundu. Biz hakimiyyətin icra qanadı ilə  seçki qanadı arasında olan fəal dialoqu gördük. Bu, demokratik dövlətin əsas atributlarından biridir. Hesab edirik ki, müzakirələr nəticəsində bu layihə, o cümlədən təqdim olunan siyasi istiqamətlər bir daha düşünüləcək, bir daha dəqiqləşdiriləcək. Ona görə bu müzakirələri olduqca  faydalı hesab edir və  millət vəkillərinə təşəkkürümü bildirmək istəyirəm.
Bir neçə prinsipial məsələyə aydınlıq gətirmək istəyirəm. Bilirəm ki, ilk növbədə hamını manatın məzənnəsi, onun gələcək taleyi maraqlandırır. Deyildi ki, büdcə zərfində konkret rəqəm yoxdur. Amma mən çıxışımda dedim və bir daha təkrar etmək istəyirəm ki, mövcud büdcə zərfi makroiqtisadi proqnozlardan başlayaraq neftin 45 dollar hesablanması, birrəqəmli inflyasiya və sabit manat üzərində qurulub. Bu həm də büdcə zərfi proqnozlarının  özülünü təşkil edir. Bir daha qeyd etmək istəyirəm ki, bu, real bir proqnozdur və hökumət, Mərkəzi Bank bu proqnozları yerinə yetirmək iqtidarındadır.
Mən hörmətli Valeh Ələsgərovla tam razıyam ki, biz gələcəkdə də, indi də neftin qiymətləri ilə olduqca diqqətli davranmalıyıq. Elmi dildə biz  kontrsiklik olmalıyıq. Sadə dildə desək, neftin qiyməti qalxan kimi öz büdcəmizdə xərclərimizi artırmamalıyıq. Neftin qiyməti aşağı düşən kimi isə büdcə xərclərini azaltmamalıyıq. İqtisadiyyat canlı bir orqanizmdir, o da stabillik tələb edir. Stabil xərclər, stabil qiymətlər, stabil kurs tələb edir.  Beynəlxalq təşkilatların da əsas tövsiyələrindən biri odur ki,  resurs ölkələri həmişə stabil xərclərə əsaslanmalıdır. Bu, bütövlükdə ölkənin möhkəm valyuta ehtiyatlarının yaradılması əsaslarından biridir. Bilirsiniz ki, cənab Prezident dəfələrlə qeyd etmişdir ki, ölkənin möhkəm valyuta ehtiyatlarının olması bütövlükdə ölkənin iqtisadi təhlükəsizliyinin və hətta onun dövlət müstəqilliyinin əsas qarantlarından biridir. Bu gəlirlərin indiki nəsillər və gələcək nəsillər arasında ədalətli  bölgüsü də  tam şəkildə sosial ədalət prinsiplərinə uyğundur.
Hörmətli millət vəkilləri bütövlükdə  pul kütləsi, onun iqtisadi inkişaf səviyyəsi, inflyasiya, faiz dərəcələri məsələlərini qaldırdılar. Bu məsələlərə  bir qədər aydınlıq gətirmək istəyirəm. Mən dünən çıxışımda qeyd etmişdim  ki, pul kütləsi ilin əvvəlindən 11,5 faiz artıbdır və bir gün ərzində yenə də yarım faiz artaraq bu gün 12 faizə çatır. İlin əvvəlindən biz bu dövriyyəyə təxminən 1 milyard manata yaxın vəsait  yönəltmişik. İlk sabitlik  əlamətləri yaranıb, fevral ayının  sonundan isə Mərkəzi Bank iqtisadiyyata əlavə olaraq 1,8 milyard manat vəsait yönəldibdir. İlin sonuna qədər pul kütləsinin bir qədər də artacağını düşünürük. Belə bir fakt söyləndi ki, bu gün dövriyyədə olan pul kütləsinin həcmi 2014-cü ilə nisbətən aşağıdır və bu, doğrudan da, obyektiv faktdır. Təxminən 24 faiz aşağıdır. Lakin bunun ciddi elmi və təcrübi izahı var. Biz hamımız bilirik ki, pulun əsas 3 funksiyası var. Pul həm dəyər ölçüsü, həm əsas ödəniş vasitəsi və həm də  sərvət, yığım vasitəsidir. Uzun bir müddətdə manat sabit qalmşdı. Əhalinin yüksək gəlirlərinin təmin olunduğu bir şəraitdə bizim statistika göstərirdi ki, əhali özünün yığımlarının əhəmiyyətli bir hissəsini manatda saxlayır. Bu doğru idi. Çünki manat möhkəmləndiyinə görə  bu zaman əhali sərbəst dönərli valyutaya nisbətən əlavə gəlirlər əldə edirdi. Sonra manatın məzənnəsi korreksiya olundu, təbii proses baş verdi, bu vəsaitlər sərbəst dönərli valyutaya qayıtdı. Bu, obyektiv bir səbəbdir. Pulun iqtisadi baxımdan iqtisadi aktivlik ilə heç bir əlaqəsi yoxdur.
Bugünkü reallıq isə ondan ibarətdir ki, bu gün bank sektorunda 6,5 milyard manatdan çox artıq vəsait var və bu vəsait iqtisadiyyatın kreditləşməsinə yönəldilmir. Bu vəsaitlərin təxminən 70 faizindən çoxu ölkənin sağlam banklarında cəmləşib. Bu vəsaitlər  kreditləşməyə yönəldilmir. Bu, pul məsələsidir, ola bilsin ki, puldan daha əhəmiyyətli bir məsələdir. Bütövlükdə kreditləşmənin ekosistemidir, geniş mənada sistemdə digər problemlərin olmasına işarə edir. Biz də diqqətimizi   məhz bu problemlərə cəlb etməliyik. Pul kütləsini ayırırıqsa və o vəsaitlər kreditləşməyə, yeni iş yerlərinin artmasına, yeni bizneslərin formalaşmasına yönəldilmirsə, pulun  iki marşrutu qalır. Bunlardan biri istehlak bazarıdır, millət vəkilləri bu məsələləri qaldırdılar, mən inflyasiya məsələsinə bir də toxunacağam. Bu, istehlak bazarına yönəlməlidir və qiymətlərin əlavə artımına gətirib çıxara bilər. Yaranmış vəziyyətdə bu doğru deyil. Digər marşrut isə budur. Neftin qiymətlərində xarici situasiyada müəyyən bir gərginlik olanda görmüşük ki, bu vəsaitlər artıq valyuta bazarına qayıdır və manatın məzənnəsı üçün əlavə risklər yaradır. Beynəlxalq təcrübədə müşahidə etdiyimiz məsələ budur ki, mərkəzi banklar pul-kredit siyasətini və faiz dərəcələrini o vaxt yumşaldırlar ki, inflyasiya təhlükəsi ötüb-keçib.
Bu gün qonşu bir dövlətin Mərkəzi Bankının sədri də parlamentdə çıxış edirdi. Həmin ölkədə bu gün  inflyasiya dərəcəsi əhəmiyyətli dərəcədə aşağı salınıb. Lakin o, elan elədi ki, Mərkəzi Bankın normal pul-kredit siyasətinə, yəni aşağı pul-kredit sisteminə qayıtması üçün onlara hələ bir-iki il vaxt lazımdır. Bu məsələdə hətta ayırma müddəti var. Mərkəzi banklar tam əmin olduqdan sonra ki, inflyasiya, qiymət sabitliyi problemi həll olunub, o zaman faiz dərəcələrini və öz balanslarını genişləndirməyə, yəni pul kütləsini genişləndirməyə və iqtisadi fəallığa dəstək verməyə başlayırlar.
İnflyasiya bizim başlıca problemimizdir. Mən bununla tam razıyam. İnflyasiyanın son illərdə  aparıcı qüvvəsi olan  məzənnə məsələsi sabitləşdirilib. Artıq dediyim kimi, Mərkəzi Bank inflyasiyanı nəzərə alaraq konservativ monetar siyasəti həyata  keçirir. Çünki inflyasiya əhali üçün, onun real gəlirləri üçün ən böyük  təhlükə və ən avtomatik bir vergidir. Ona görə də bizim və hökumətin başlıca qayğısı inflyasiya olmalıdır. Qiymət sabitliyi olmalıdır. İnflyasiyanın sosial təzahürü və nəticələrini artıq mən qeyd etdim. Ancaq inflyasiyanı pul kütləsi vasitəsi hesab edib, onun sürətləndirilməsinin tərəfdarları varsa, onlara demək istəyirəm ki, bunun çox ciddi makroiqtisadi tərəfləri var. Əhalinin gəlirlərinin azalması, real gəlirlərin aşağı düşməsi, daxili tələbatın azalması iqtisadi artıma və iş yerlərinin itirilməsinə gətirib çıxarır. Bu siyasətlər ona görə də heç vaxt alternativ olmayıb və heç vaxt da  olmayacaq.
Bir daha qeyd etmək istəyirəm ki, ölkədə makroiqtisadi sabitliyin əsasları yaradılıb. Lakin bu makroiqtisadi sabitliyin müddəti hələ azdır. Təxminən 9 ayı əhatə edir. Biz qəti arxayınlaşmamalıyıq. Hökumət də, Mərkəzi Bank da qarşıda duran vəzifələri yaxşı dərk edir. Hesab edirik ki, qarşıda duran vəzifələrin  öhdəsindən gələcəyik. Bunun üçün qarşıda güclü maliyyə intizamı, makroiqtisadi siyasətin qanadlarının sıx koordinasiya olunması, bütövlükdə qiymət sabitliyinə çatmaq üçün antiinflyasiya tədbirləri ilə təbii inhisarlar tərəfindən təbii inhisarların qiymətlərinin liberallaşması siyasətinin sıx əlaqələndirilməsi kimi olduqca ciddi vəzifələrin reallaşdırılması durur. Bir daha diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Elman müəllim. İndi də sözü verək əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümova. Buyurun.
S.Müslümov, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri.
Təşəkkür edirəm, Oqtay müəllim. Mən də ilk öncə həmkarlarım kimi, Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyi münasibəti ilə ilk növbədə partiyanın sədri olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi, partiyanın rəhbər heyətini və bütün sıravi üzvlərini  ürəkdən təbrik edirəm. Azərbaycan siyasətində aparıcı siyasi qüvvə olan partiyanın gələcəkdə də uğurlu şəkildə çalışması üçün hamısına can sağlığı arzu edirəm. Mən hesab edirəm, millət vəkillərinin sosial sahəyə aid  sualları  sabahkı müzakirələrdə, Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin müzakirəsi zamanı daha çox olacaq. Amma bu iki gündəki müzakirələr zamanı bir sıra millət vəkillərimiz tərəfindən sosial müdafiə sahəsi, xüsusilə şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin mənzil təminatı ilə bağlı suallar qaldırıldı. Bununla bağlı, Oqtay müəllim, qısa bir arayış vermək istərdim.
Diqqətinizə çatdırmaq istəyirəm ki, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təmin olunması prosesinə 1997-ci ildə başlanmışdır. Bu günə qədər bu kateqoriyadan olan şəxslərə 6096 mənzil verilmişdir. Bu mənzillərin 4757-si 2013-cü ilin sonuna qədər verilən mənzillərdir, ondan sonra  340  mənzil verilib. Gördüyünüz kimi, son illərdə bu kateqoriyadan olan şəxslərə mənzillərin verilməsi və ya fərdi evlərin tikilməsi əvvəlki illərə nisbətən xeyli sürətlənmişdir. Əgər əvvəlki 17 il ərzində hər il ortalama 280 mənzil verilirdisə, son 4 il ərzində hər il 335 mənzil bu kateqoriyadan olan şəxslərə verilir. Diqqətinizə çatdırmaq istəyirəm ki, 2014-cü il mayın 20-də cənab Prezident tərəfindən bu problemin həlli üçün xüsusi sərəncam imzalanıb. O zaman nəzərdə tutulurdu ki, hər il təqribən 50 milyon manata qədər vəsaitin ayrılması yolu ilə 2014-cü il yanvarın 1-nə qədər növbədə duran şəxslərin 5 il ərzində problemləri həll ediləcəkdir. 2014-cü ilin ikinci yarısında, göründüyü kimi,  bu məqsəd üçün 30 milyon manat vəsait ayrılıb.
Təəssüflər olsun ki, sonrakı illərdə bizim maliyyə vəziyyətimizin nisbətən çətinləşməsi, maliyyə resurslarımızın azalması, büdcəmizin aşağı düşməsi bu prosesin nəzərdə tutulduğu kimi həyata keçirilməsi imkanlarını azaltdı. Sonrakı illərdə hər il 15 milyon manat vəsait ayrıldı və bu vaxta qədər  təqribən 60 milyona yaxın vəsait ayrılmışdır. Əvvəl qeyd etdiyim kimi, bunun hesabına 1340 mənzil öz sahiblərinə, yəni Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə təhvil verilmişdir. Növbəti ilin büdcəsində bu məqsədlər üçün nəzərdə tutulan vəsait məndə olan məlumata görə artırılıb. Yəni kapital qoyuluşlarında bu məqsədlər üçün vəsait artırılacaq və yəqin ki, biz hər il təqribən 500–600 mənzil tikib şəhid ailələrinə vermək yolu ilə bu prosesi həll edə biləcəyik. Amma ümumilikdə mən düşünürəm ki, proses hökumətin tam nəzarəti altındadır. Büdcədə mümkün olan vəsaitlər çərçivəsində bu prosesin həlli istiqamətində addımlar atılır. Diqqətinizə görə təşəkkür edirəm. 
Sədrlik edən. Çox sağ olun. Hörmətli millət vəkilləri, bununla büdcə zərfinə daxil olan birinci məsələni bu gün bitiririk. Bu zərfə daxil olan digər məsələlərə, – 6 məsələ var, – sabah baxacağıq. Sağ olun.

 

 

 
EDİLMƏMİŞ ÇIXIŞLARIN
MƏTNLƏRİ


22 noyabr 2017-ci il
_____________________________

İqbal Məmmədov. Hörmətli Oqtay müəllim, hörmətli hökumət üzvləri! İlk öncə günümüzün reallıqlarına uyğun, bütün maraqları əhatə edən bu büdcə layihəsinin hazırlanmasında yaxından iştirak etmiş aidiyyəti qurum və təşkilatlara öz minnətdarlığımı bildirir və bu layihənin lehinə səs verəcəyimi qeyd edirəm. Mən ona görə günümüzün reallıqlarına uyğun dedim ki, təbii olaraq, bu büdcə layihəsi bizi tam qane edə bilməz. Bəzi sahələrə, xüsusilə təhsil və səhiyyə kimi sahələrə ayrılması nəzərdə tutulmuş maliyyə vəsaiti, təbii ki, qane edəcək səviyyədə deyil və nə qədər artırılsa, yenə də bu sahələrin prioritetliyi nöqteyi-nəzərindən yetərli olmayacaqdır. Biz büdcə layihəsini komitə iclaslarında ətraflı müzakirə etdik və dəyərli həmkarlarımızla birlikdə öz fikirlərimizi bildirdik.
Bu gün dəyərli hökumət üzvlərimizin burada iştirakından istifadə edib Lerikdən olan seçicilərimi narahat edən bir-iki məsələni qeyd etmək istəyirəm. Bəzi məsələlərin öz həllini tapmaması sakinlərdə bizə qarşı inamsızlıq və etibarsızlığın yaranmasına səbəb olur. Hər gün yerli sakinlərlə üz-üzə gələrkən onların qarşısında günahkar vəziyyətinə düşürük. Bu səbəbdən də bu auditoriyada bəzi problemləri demək məcburiyyətində qalırıq.
Məlum olduğu kimi, Lerik rayonu paytaxtımızdan kifayət qədər uzaq məsafədə yerləşən dağlıq ərazi relyefinə malik rayondur. Allahın bəxş etdiyi gözəl təbiət rayonda turizmin inkişafı üçün əsas amillərdən biridir. Lakin yolların qənaətbəxş olmaması bir çox sahədə ciddi sıxıntılar meydana gətirir. Belə ki, rayonumuzun ətraf rayonlarla yeganə əlaqəsi olan Lənkəran–Lerik avtomobil yolu bir neçə ildir ki, bərbad vəziyyətdədir.  Rayona yalnız yük maşınlarının köməyi ilə getmək mümkündür. Qısa məsafəni qət etmək bəzən saatlar hesabına başa gəlir. Son illərdə Lerik rayonuna vətəndaşların qəbulu və ya digər səbəblərdən səfər etmiş dəyərli hökumət üzvlərimiz və nazirlərimiz bu vəziyyətin şahidi olmuş, həmçinin vətəndaşlarımız tərəfindən onlara müraciətlər edilmişdir. Rayonumuza hər il qonşu ölkələrdən yüzlərlə turist gəlir. Bir ölkəyə ilk dəfə səfər etmiş turistdə o ölkə haqqında təəssürat yoldan başlayır. Bu il biz Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyanın bir tədbirini Lerik rayonunda keçirdik. Tədbirdə iştirak etmək üçün ölkəmizə gələn qonaqları rayonumuza apararkən hansı hisləri keçirdiyimizi, yəqin ki, təsəvvür edirsiniz.
Yol mədəniyyət və inkişafın əsas göstəricilərindən biridir. Xüsusən dağlıq və dağətəyi zonalarda təbiətin öz şıltaqlığını nümayış etdirməsi, yağıntıların aran rayonlarına nisbətən daha çox olması  dağ çaylarında mütəmadi sellərə, yol uçqunlarına və bir sıra təbii fəlakətlərə səbəb olur. Hər il onlarla təsərrüfat, evlər və körpülər sel suları nəticəsində dağılır. Tələf olan heyvanların sayı haqqında danışmaq belə istəmirəm. Hər il vətəndaşlarımıza və dövlət büdcəsinə minlərlə manat ziyan dəyir. Bütün qışı rayonumuzda bu təhlükələrlə mübarizə aparılır. Hələ 2013-cü ildə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri müraciətimizlə bağlı olaraq Lerik rayonunun Piran kəndinin ərazisindən keçən Lənkərançay çayının mühafizə zonasında araşdırma aparmış, sahil mühafizə beton bəndinin tikilməsini vacib hesab edərək vəsait ayrılması ilə bağlı təkliflərini Nazirlər Kabinetinə təqdim etmişlər. Eyni zamanda, qeyd olunan məsələ ilə bağlı şəxsən özüm aidiyyəti orqanlara dəfələrlə yazılı və şifahi müraciətlər ünvanlamışam. Təəssüf ki, bu günə qədər heç bir müsbət addım atılmayıb.
Dəyərli hökumət üzvlərimizdən bəhs etdiyim məsələlərə xüsusi diqqət yetirmələrini bütün Lerik seçiciləri və şəxsən öz adımdan bir daha xahiş edirəm. Diqqətinizə görə minnətdaram.
Mahir Abbaszadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Növbəti ilin dövlət büdcəsi hər bir dövlətin həm iqtisadi, həm sosial, həm təhlükəsizlik, həm də, demək olar ki, bütün sahələrdə aparacağı siyasətin güzgüsüdür. Bu nöqteyi-nəzərdən dövlət büdcəsinin hansı maliyyə mənbələri hesabına formalaşacağı və bu formalaşmış vəsaitin hansı istiqamətlərə xərclənməsi hər bir dövlətin növbəti ilinin inkişaf trendlərini müəyyənləşdirən sənəddir. Bu baxımdan müzakirə olunan 2018-ci il dövlət büdcəsi həm iqtisadi, həm sosial, həm də ölkədə aparılan  idarəetmə islahatları baxımından mühüm bir sənəd hesab edilə bilər. Eyni zamanda, 2016–2017-ci illər ölkə başçısının rəhbərliyi ilə ölkəmizdə iqtisadi islahatlar ilidir. Bu islahatların coğrafiyası iqtisadiyyatı, idarəetməni və sosial sahələri əhatə etməklə çoxşaxəli xarakter daşıyır. Müqayisə üçün deyək ki, 2017-ci ilin dövlət büdcəsi fiskal siyasət nöqteyi-nəzərindən yığcam bir büdcə idi. Dövlətin 2017-ci ildə apardığı siyasətin əsas məqsədlərindən biri makroiqtisadi sabitliyin təmin olunmasını, manatın məzənnəsinin sabitləşdirilməsini, eyni zamanda, ölkədə aparılan idarəetmə islahatları çərçivəsində büdcə vəsaitlərinin qənaətlə və şəffaf şəkildə xərclənməsini təmin etmək idi.
2018-ci ildə isə iqtisadiyyatın daha pozitiv surətdə artması planlaşdırılır. Güclü beynəlxalq təşkilatların proqnozlarından, eyni zamanda, dövlət büdcəsinin proqnozlarından aydın olur ki, ÜDM-də 1,5 faiz artım proqnozlaşdırılır. Təbii ki, 2017-ci ildə aparılmış iqtisadi islahatlar öz təsdiqini bu gün müzakirə etdiyimiz 2018-ci il dövlət büdcəsində tapmışdır. Məhz bunun nəticəsidir ki, 2017-ci il ilə müqayisədə 2018-ci il dövlət büdcəsinin gəlir və xərc hissəsində kifayət qədər artım var. Belə ki, 2018-ci il dövlət büdcəsinin gəlir hissəsi 20 faiz, xərc hissəsi isə 17 faiz artırılmışdır. Buna uyğun olaraq dövlət büdcəsinin 14 komponentinin 10-da artım nəzərdə tutulmuşdur. Bu da kifayət qədər sahəni əhatə edir. 2018-ci il dövlət büdcəsinin xərc hissəsinin əsası sosial sahənin və iqtisadi fəallığın artırılmasına yönəlmiş vəsaitdir. Bu bir tərəfdən dövlət başçısının apardığı sosial siyasətə xidmət edir, digər tərəfdən iqtisadi fəallığın təmin edilməsinə, yeni iş yerlərinin yaradılmasına, əhalinin məşğulluq probleminin həll olunmasına səbəb olur.
Ölkə rəhbərinin insan inkişafına şərait yaratmaq və onu dəstəkləmək üçün həyata keçirdiyi davamlı tədbirlər, onun ayrılmaz hissəsi olan qaçqın və məcburi köçkünlərin maddi rifah halının yaxşılaşdırılması ölkəmizdə aparılan sosial siyasətin tərkib hissəsidir. Ölkədə qəbul edilmiş strategiya, konsepsiya və dövlət proqramlarında insan kapitalının, o cümlədən qaçqın və məcburi köçkünlərin inkişafı sosial siyasətin prioritetləri sırasında yer almışdır. Büdcə layihəsində göründüyü kimi, gələn ildən qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsi, o cümlədən onların mənzil və məişət şəraitinin yaxşılaşdırılması üçün dövlət və icmal büdcələrdə bütövlükdə 487 milyon manat vəsait nəzərdə tutulmuşdur ki, bu da 2017-ci illə müqayisədə 49,5 faiz və yaxud 161 milyon manat çoxdur. Bu da imkan verəcəkdir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi 2018-ci ildə qarşıya qoyulmuş vəzifələri vaxtında həyata keçirə bilsin.
Bildiyiniz kimi, 2006-cı ildə cənab Prezidentimiz İlham Əliyevin fərmanı ilə İpoteka Fondu yaradılmışdır. Hər il dövlət büdcəsindən İpoteka Fonduna kifayət qədər vəsait ayrılır. Bu isə imkan verir ki, gənc ailələr güzəştli ipoteka şərtlərindən yararlanaraq özlərinin mənzilə olan ehtiyaclarını təmin edə bilsinlər. 2018-ci il dövlət büdcəsində də həm sosial mənzillərin tikintisinə, həm də İpoteka Fonduna kifayət qədər vəsait ayrılmışdır. Eyni zamanda, hər il İpoteka Fondundan güzəştli kateqoriyaya aid olan gənc ailələrin sayı ilbəil artmaqdadır. 2016-cı ildən müəllimlər də güzəştli kateqoriyaya aid edilməyə başlamışdır. Lakin məndə olan məlumata görə lisey, gimnaziya, texniki peşə məktəbləri və inklüziv təhsillə məşğul olan müəllimlər bu kateqoriyaya aid edilmir. Əgər nəzərə alsaq ki, ölkəmizdə təhsil 3 mərhələdən ibarətdir, ibtidai, orta və ali, belə çıxır ki, yuxarıda göstərilən müəllimlərə qarşı ədalətsizlik edilmişdir. Hökumət üzvlərindən xahiş edirəm ki, bu məsələ diqqətdə saxlanılsın və müəllimlərə qarşı anlaşılmazlıq aradan qaldırılsın.
Hörmətli həmkarlar, 2016-cı ildən başlayaraq ölkəmizdə idarəetmə sahəsində yeni bir yanaşma formalaşdı ki, bu da publik hüquqi şəxslərin yaranmasına səbəb oldu. 2016-cı ilin dekabrında Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Milli Turizm Təbliğat Bürosu publik hüquqi şəxs yaradıldı. 2018-ci il dövlət büdcəsində publik hüquqi şəxslərin fəaliyyətinin tənzimlənməsi üçün dövlət dəstəyi olaraq 111 milyon manat maliyyə nəzərdə tutulmuşdur. Lakin publik hüquqi şəxs olan Milli Turizm Təbliğat Bürosu məndə olan məlumata görə bu siyahıda yoxdur. Bu büronun da siyahıya daxil edilməsini və ona maliyyə dəstəyi göstərilməsini hökumət üzvlərindən xahiş edirəm. Hörmətli millət vəkilləri, çıxışımın sonunda Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında qanun layihəsini müsbət dəyərləndirir və sizləri də bu qanun layihəsini dəstəkləməyə dəvət edirəm. Çox sağ olun, diqqətinizə görə minnətdaram.
Malik Həsənov. Hörmətli Sədr, hörmətli deputatlar, hörmətli hökumət üzvləri! Dövlətin sosial-iqtisadi funksiyalarının həyata keçirilməsi, onun siyasi, iqtisadi, sosial və digər çoxşaxəli vəzifələrinin yerinə yetirilməsi, respublika əhalisinin maddi və mənəvi tələbatlarının, dövlətin zəruri ehtiyaclarının ödənilməsi üzrə əsas maliyyə planı olan Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi zərfi yuxarıda sadaladıqlarım və büdcə üçün zəruri olan digər vacib elementlər tam nəzərə alınmaqla hazırlanmışdır. Mən də həmin sənəd layihəsini bəyənirəm.
Müzakirəmizə təqdim olunmuş qanun layihəsində vergi və qeyri-vergi gəlirləri, büdcədən maliyyələşən idarə, müəssisə və təşkilatların xərclərinin planlaşdırılması və maliyyələşdirilməsi, təhsil, səhiyyə, sosial müdafiə, sosial sığorta və sosial təminat xərcləri, qanunvericilik və icra hakimiyyətinin, yerli özünüidarəetmə orqanlarının, müdafiə, hüquq mühafizə, məhkəmə orqanlarının saxlanması xərcləri və sair məsələlərlə tanışlıq onu deməyə əsas verir ki, həmin sənəd mövcud iqtisadi vəziyyətin reallıqları əsasında hazırlanmışdır və respublikamızın növbəti ilə inkişaf perspektivlərini özündə dolğun əks etdirir.
Hamımıza məlumdur ki, ümumdünya iqtisadiyyatında son dövrlərədək müşahidə olunan böhran və çətinliklərdən sonra cari 2017-ci il iqtisadi stabilləşmənin başlanğıc ili kimi xarakterizə olunur. Bunu ümumdünya iqtisadiyyatının 2017-ci il üçün statistik rəqəmlərində də görmək mümkün olduğundan bu barədə çox danışmaqla vaxtınızı almaq istəməzdim.
Lakin diqqətinizə çatdırmaq istərdim ki, bu müsbət meyillər, heç şübhəsiz, dünya iqtisadiyyatının ayrılmaz tərkib hissəsi olan Azərbaycanın gündəlik həyatında da özünü göstərir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə yürüdülən çevik və hərtərəfli düşünülmüş, dərin elmi təhlillərə əsaslanan iqtisadi siyasətin, ardıcıl olaraq aparılan və icra orqanlarının daha təkmil bir mexanizmə çevrilməsinə şərait yaradan struktur islahatlarının və görülən digər önləyici tədbirlərin nəticəsində dünya iqtisadiyyatında baş verən geriləmələrin təsiri Azərbaycanda, demək olar ki, hiss edilmədi. Məhz bunun nəticəsidir ki, cari il ərzində ölkə əhalisinin rifah halı daha da yaxşılaşmışdır. Azərbaycanın yüksək beynəlxalq imicini, onun ümumdünya iqtisadi məkanında etibarlı tərəfdaş statusunu daha da möhkəmləndirən, beynəlxalq ictimaiyyət tərəfindən möhtəşəm dövlətlərarası layihə kimi qiymətləndirilən Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin çəkilişi uğurla tamamlanmış, eləcə də Bakının və regionların sosial-iqtisadi inkişafı üzrə görülən işlər səngiməmiş, əksinə, bu istiqamətdə nəzərdə tutulan bir çox sosialyönümlü və irihəcmli layihələrin icrası əvvəlki sürəti ilə davam etdirilmişdir.
Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin gəlirləri 16766000 manat, xərcləri 17941000 manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 16119015 manat, yerli gəlirləri 646985 manat, mərkəzləşdirilmiş xərcləri 17219758 manat, yerli xərcləri 721242 manat) məbləğində müəyyən edilmişdir.
Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin gəlirləri 20127000 manat, xərcləri 20905700 manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 19476329 manat, yerli gəlirləri 650671 manat, mərkəzləşdirilmiş xərcləri 20181608 manat, yerli xərcləri 724092 manat) məbləğində müəyyən edilmişdir.
Azərbaycan Respublikasının 2018-ci il üçün nəzərdə tutulmuş dövlət büdcəsinin mərkəzləşdirilmiş və yerli gəlirlərinin, eləcə də mərkəzləşdirilmiş və yerli xərclərinin 2017-ci il dövlət büdcəsinin analoji rəqəmləri ilə müqayisəsi respublika iqtisadiyyatının bütün sahələrində tərəqqinin və inkişafın davam etdiyini sübut edir. Bu göstəricilər çox yüksək rəqəmlərdir və bunun arxasında cənab Prezidentimizin müdrik rəhbərliyi altında görülən nəhəng işlər və gərgin zəhmət dayanır.
Mən Nazirlər Kabinetinin 2017-ci il dövlət büdcəsi üzrə gördüyü işləri, əsasən, qənaətbəxş hesab edirəm və 2018-ci il dövlət büdcəsinin təsdiq edilməsi lehinə səs verəcəyəm. Bununla yanaşı, burada hörmətli Baş nazirimizin, hörmətli təhsil və maliyyə nazirlərimizin, eləcə də digər əlaqədar mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin iştirakını nəzərə alaraq diqqətinizi deputatı olduğum Cəlilabad rayonundakı məktəblərin vəziyyətinə cəlb etmək istərdim. Xüsusilə qeyd edirəm ki, son dövrlər respublikamızın digər yerlərində olduğu kimi, Cəlilabad rayonunda da aparılan yenidənqurma və abadlıq işlərinin bəhrəsi göz önündədir. Bu, yerli sakinlərin ürəyincədir və fürsətdən istifadə edərək bununla bağlı Cəlilabad camaatının böyük razılığını və ehtiramını möhtərəm Prezidentimiz başda olmaqla bütün hökumət üzvlərinə çatdırıram. Bildirmək istəyirəm ki, Cəlilabad rayonunda cəmi 125 məktəb fəaliyyət göstərir. 2017-ci ildə onlardan 9-u əsaslı şəkildə təmir etdirilərək şagirdlərin və müəllimlərin istifadəsinə verilmişdir.
Diqqətinizə çatdırmaq istəyirəm ki, qəzalı vəziyyətdə olan, istifadəsi məktəb işçilərinin və şagirdlərin həyatı üçün təhlükəli sayılan məktəblərin sayı 37-dir ki, bunlardan da cəmi 5 məktəb təmir olunur. Lakin yerdə qalan digər qəzalı məktəblərdə hələ də müvafiq təmir işləri görülmür. Ona görə də, təhsil və maliyyə nazirlərindən və digər əlaqədar təşkilatlardan xahiş edirəm ki, həmin qəzalı məktəblərin də təmirinə tez bir zamanda başlanılmasını təmin etsinlər. Diqqətinizə görə təşəkkür edirəm.
Mirkazım Kazımov. Hörmətli cənab Sədr, hörmətli hökumət üzvləri, millət vəkilləri! Son illər dünya iqtisadiyyatındakı böhranın səngiməsi Azərbaycan iqtisadiyyatı üçün əlverişli mühit yaratmışdır. Cari ilin 9 ayının yekunları ölkə iqtisadiyyatının sabitləşməsindən xəbər verir. Qeyri-neft sektorunda iqtisadi artım 2,5 faiz olmuşdur. Qeyri-neft sənayesində ümumi daxili məhsulun artımı 3,1 faiz, kənd təsərrüfatında isə 2,8 faiz təşkil etmişdir.
İqtisadiyyatımızın bu uğurları Prezident İlham Əliyevin həyata keçirdiyi davamlı və düşünülmüş iqtisadi siyasətin nəticəsində mümkün olmuşdur.
Aparılan bu siyasətin nəticəsidir ki, hökumətin 2018-ci il üçün iqtisadi proqnozuna əsasən ölkədə ümumi daxili məhsulun artımı 1,5 faiz təşkil edərək rəqəmlə ifadədə 70 milyard manata yaxınlaşacaqdır. Qeyri-neft sektorunda iqtisadi artım daha çox, 3 faizə qədər nəzərdə tutulur. Yatırılacaq ümumi sərmayənin həcmi 16 milyard manat təşkil edəcəkdir.
Hörmətli millət vəkilləri, müzakirəyə çıxarılan dövlət büdcəsi sənədlərindən göründüyü kimi, 2018-ci ilin dövlət büdcəsi də sosialyönümlülüyünü davam etdirəcəkdir. Bu xərclər ümumi büdcə xərclərinin üçdə birini təşkil edəcəkdir. Əhaliyə bilavasitə xidmət göstərən dövlət  müəssisələrinə və proqramda nəzərdə tutulan tədbirlərə dövlət büdcəsinin maliyyə yardımlarını da nəzərə alsaq, bu göstərici 37 faizə yaxın olur. Büdcənin sosialyönümlü olmasının digər məqamı 2018-ci ildə sosial müdafiə və sosial təminat xərclərinin cari illə müqayisədə 4,5 faiz artırılmasıdır.
Növbəti ildə Azərbaycan hökumətinin fəaliyyət prioritetlərindən biri regionlarda sahibkarlığın, ilk növbədə kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi, onlara maliyyə dəstəyinin, əsasən, güzəştli kreditlərin ayrılması vasitəsilə genişləndirilməsi, qabaqcıl texnologiyaların kənd təsərrüfatı məhsullarının emalı sahəsinə, suvarmaya tətbiqi, rəqabətədavamlı və ixracyönümlü keyfiyyətli məhsul istehsalına nail olmaqdır.
2018-ci ildə qeri-neft sektorunun əsas sahəsi olan aqrar sektorun inkişafı diqqət mərkəzində olacaqdır. Büdcə zərfindən də göründüyü kimi, gələn ilin dövlət büdcəsi xərclərindən 656,3 milyon manat vəsait kənd təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi üçün ayrılır ki, bu da 2017-ci ilin göstəricisi ilə müqayisədə 27 faiz çoxdur. Büdcədə nəzərdə tutulan bu vəsaitlərdən 342 milyon manatı kənd təsərrüfatı tədbirləri, 249 milyon manatı irriqasiya və meliorasiya sistemlərinin saxlanması və inkişafı, 13 milyon manatı meşə sektorunda həyata keçirilən tədbirlər, 16 milyon manatı ətraf mühitin mühafizəsi işləri, 8 milyon manata yaxın vəsait isə hidrometeorologiya tədbirləri üçün nəzərdə tutulur. Ölkədə iri heyvandarlıq təsərrüfatının yaradılması, heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması üçün sahibkarlara, fermerlərə dövlət qayğısı davam etdiriləcəkdir. Bu məqsədlə gələn ilin dövlət büdcəsində 66 milyon manat vəsait nəzərdə tutulmuşdur.
İqtisadiyyatın sözügedən sahələri üzrə icra olunan müvafiq dövlət proqramlarının və digər tədbirlərin maliyyələşdirilməsinə, o cümlədən ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı xərclərə 200 milyon manata yaxın, kənd təsərrüfatı əmlakının sığortalanmasına və digər tədbirlərə 20,2 milyon manat, pambıqçılığın və tütünçülüyün inkişafına dair dövlət proqramlarının maliyyələşdirilməsinə 20 milyon manat, pambıq istehsalçılarına subsidiya verilməsi üçün 10 milyon manat vəsaitin ayrılması proqnozlaşdırılır. Hökumətin diqqət yetirəcəyi sahələrdən biri də alternativ və bərpa olunan enerji mənbələrinin inkişafıdır. Bu məqsədlə büdcədən 8 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 2,3 dəfə çoxdur.
Hörmətli millət vəkilləri, son illər dövlət büdcəsinin tərtibi zamanı aparılan çox mütərəqqi struktur islahatları xüsusi qeyd edilməlidir. Buna misal olaraq dövlət büdcəsinin tərkib hissəsi olan yerli gəlirlərin artmasını göstərmək olar. 2018-ci ildə 33 rayon və şəhər xərclərini öz gəlirləri hesabına təmin edəcəkdir. Aparılan bu struktur islahatları şəhər və rayonların mərkəzi büdcədən maliyyə asılılığını tədricən azaldır. Hesab edirik ki, öz gəlirləri hesabına xərclərini təmin edən rayon və şəhərlərin sayını daha da artırmaq üçün hökumət öz səylərini artırmalıdır.
Çıxışımı yekunlaşdıraraq bir daha qeyd etmək istərdim ki, 2018-ci il dövlət büdcəsi haqqında qanun layihəsi və büdcə zərfinə daxil olan sənədlər yüksək səviyyədə hazırlanmışdır. Mən büdcə layihəsinə səs verəcəyəm və həmkarlarımı da səs verməyə dəvət edirəm. Diqqətinizə görə sağ olun.
Mirzəcan Xəlilov. Hörmətli Sədr, hörmətli deputatlar, hörmətli hökumət üzvləri, xanımlar və cənablar! İlk öncə icazə verin, sizin hamınızı son günlər müstəqil Azərbaycanın həyatında baş verən əlamətdar hadisələr – “Əsrin müqaviləsi”nin 2050-ci ilə kimi uzadılması, Bakı–Tbilisi–Qars dəmir yolunun istifadəyə verilməsi və Yeni Azərbaycan Partiyasının 25 illiyi  münasibəti ilə təbrik edim. Bütün bunlar ulu öndərimiz Heydər Əliyevin banisi olduğu Azərbaycanın hərtərəfli sosial-iqtisadi inkişaf strategiyasının nə qədər müdrik, nə dərəcədə uzaqgörən olduğunu bir daha sübut edir. Bu siyasət möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasi kurs dövlətimizə bu gün də böyük dividendlər gətirməkdədir.
Sosial-iqtisadi inkişaf strategiyamızın başlıca məqsədi Azərbaycanın davamlı inkişafının təmin edilməsidir. Ölkədə həyata keçirilən sabitləşdirmə tədbirləri inflyasiyanın azaldılmasına və strateji valyuta ehtiyatlarının artırılmasına yönəldilmişdir.
Cənab Prezident Nazirlər Kabinetinin 2017-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda bildirmişdi: “Baxmayaraq ki, dünya bazarında neftin qiyməti hələ də aşağı səviyyədədir, bu il biz qarşıya məqsəd qoymuşuq ki, valyuta ehtiyatlarımızı artıraq. Çünki bu bizim iqtisadi və siyasi müstəqilliyimizin əsas şərtlərindən biridir. Xərclərimizin artmasına və ölkə qarşısında duran vəzifələrin də çoxalmasına baxmayaraq, biz çalışırıq ki, bütün vəzifələri icra edək. Bunu etmək üçün, əlbəttə ki, maliyyə resursları lazımdır. Valyuta ehtiyatlarımızdan qənaətlə istifadə etməyimiz, eyni zamanda, düzgün investisiya proqramımızın uğuru, əlbəttə, imkan verir ki, biz valyuta ehtiyatlarımızı artıraq. Bu ilin 9 ayında Azərbaycanın valyuta ehtiyatları artıb, hazırda bu rəqəm 42 milyard dollar səviyyəsindədir. İlin əvvəlindən valyuta ehtiyatlarımız 4,5 milyard dollar artıb”.
Dövlət başçısı tərəfindən son günlər imzalanmış sərəncam və fərmanlar ölkənin sosial-iqtisadi inkişafının sürətlənməsinə, dayanıqlı, davamlı inkişafın təmin edilməsinə yönəldilmişdir. Azərbaycan Sənaye Korporasiyası, Qida Təhlükəsizliyi Agentliyi kimi yeni təşkilatların və xidmətlərin yaradılmasını məhz bu qəbildən olan tədbirlərə aid etmək olar. Heç şübhəsiz ki, növbəti ildə onların fəaliyyətə başlaması iqtisadiyyatın bərpa olunması ilə nəticələnəcəkdir.
2017-ci ilin geridə qalmış dövrü ərzində makroiqtisadi sabitliyin bərpa edilməsi, manatın məzənnəsinin sabitləşdirilməsi və ona olan inamın tədricən qayıtması, milli istehsalçıların maraqlarının qorunması, ticarət və tədiyyə balanslarının müsbət saldoya doğru meyillərinin güclənməsi, habelə digər iqtisadi siyasət tədbirləri hökumətin nəzərdə tutduğu hədəflərə, əsasən, nail olduğunu nümayiş etdirir. Büdcə-vergi siyasəti real gözləntilər və proqnozlar üzərində qurulmuşdur. Belə ki, o, sabitlik və dayanıqlıq məqsədlərinə xidmət etməklə müxtəlif riskləri nəzərə alır və müvafiq maliyyə ehtiyatlarını formalaşdırır.
2018-ci il üçün büdcə-vergi siyasətinin əsas istiqamətlərində Azərbaycan Respublikasının iqtisadi siyasətinin başlıca məqsədlərindən biri kimi qısa və ortamüddətli perspektivlərdə dünya iqtisadiyyatında baş verən qlobal proseslərin və meyillərin yaratdığı risklərin iqtisadiyyatımıza təsirləri nəzərə alınmışdır. Məhz qeyd etdiyim meyillər bu gün bizim müzakirəmizə təqdim olunan 2018-ci il dövlət büdcəsi layihəsinin və büdcə zərfinə daxil olan digər sənədlərin hazırlanmasında öz əksini tapmışdır. 2018-ci il üçün dövlət büdcəsinin gəlirləri 20 milyard 127 milyon manat proqnozlaşdırılır ki, bu da 2017-ci ilin proqnozu ilə müqayisədə 3 milyard 361 milyon manat və yaxud 20 faiz çoxdur. Xərclər isə 20 milyard 905,7 milyon manat proqnozlaşdırılır ki, bu da 2017-ci illə müqayisədə 2 milyard 964,7 milyon manat və ya 16,5 faiz çoxdur.  Yeni ildə dövlətin iqtisadi siyasətinin, o cümlədən büdcə-vergi siyasətinin əsas aparıcı istiqaməti qeyri-neft sektorunun dinamik inkişafı və həmin sektordan daxilolmaların büdcə gəlirlərində xüsusi çəkisinin artırılmasıdır. Belə ki, proqnozlaşdırılan büdcə gəlirlərinin 44,9 faizi qeyri-neft sektorunun, 55,1 faizi isə neft sektorunun payına düşür.
Təqdim olunan büdcə zərfində investisiya qoyuluşlarının həcminin və strukturunun iqtisadi inkişafa və əhalinin sosial vəziyyətinə, məşğulluğun və gəlirlərin səviyyəsinin artırılmasına təsiri nəzərə alınaraq, bu sahədə səmərəli dövlət siyasətinin formalaşdırılması qarşıda duran əsas vəzifələrdən biri kimi müəyyən edilmişdir. Ölkənin dayanıqlı və tarazlı inkişafının təmin olunmasında iqtisadiyyata investisiyaların cəlb edilməsi xüsusi rol oynayacaqdır. İnvestisiyaların tələb olunan həcm və keyfiyyətinin təmin olunması məqsədi ilə əlverişli investisiya mühitinin yaradılması üçün hazırda mühüm addımlar atılmaqdadır. Qeyd etdiyim istiqamətlərin həyata keçirilməsi üçün 2018-ci ildə dövlət əsaslı vəsait qoyuluşundan 4,9 milyard manat, xarici kreditlər hesabına 1,4 milyard manat və Dövlət Neft Fondunun vəsaiti hesabına 2,7 milyard manat olmaqla təxminən 9 milyard manat vəsaitin ayrılması proqnozlaşdırılmışdır.
Məlumdur ki, həmişə inşaat sektorunun canlanması ümumilikdə dövlətin iqtisadi rifahının ən mühüm göstəricilərindən biri kimi qiymətləndirilir. Onu da qeyd edim ki, məşğulluq probleminin həlli baxımından tikinti sektorunun rolu əvəzedilməzdir. İnşaat-tikinti sektorunda canlanma hər şeydən əvvəl yeni iş yerlərinin yaradılması, büdcəyə əlavə vəsaitlərin daxil olması, abadlaşdırma və insanların rifahının yüksəldilməsi deməkdir. Qaçqın və məcburi köçkunlər üçün ayrılan vəsaitin keçən illərə nisbətən artırılması cənab Prezident İlham Əliyev və Birinci  vitse-prezident xanım Mehriban Əliyevanın qaçqın və məcburi köçkunlərə ayırdığı  diqqət və qayğısıdır. Mehriban xanımın son vaxtlar məcburi köçkunlərin mənzil şəraitlərinin yaxşılaşdırılması üçün keçirdiyi müşavirələr onun bu sahəyə birbaşa diqqətidir. Mən həmkarım Qüdrət Həsənquliyevin təklifini dəstəkləyərək hökumətdən məcburi köçkünlərin mənzil şəraitlərinin yaxşılaşdırılması üçün əlavə vəsaitlə kömək etməsini xahiş edirəm. Gələn il tikinti sektoruna 4,9 milyard manat vəsait ayrılması nəzərdə tutulur, bu da yuxarıda qeyd etdiyim kimi, əhalinin iş yerləri ilə təmin olunmasına, büdcəyə əlavə vəsaitlərin daxil olmasına gətirib çıxaracaq. Eyni zamanda, yeni büdcə layihəsində ölkənin dayanıqlı sosial-iqtisadi tərəqqisinin, regionların, ayrı-ayrı sahələrin, o cümlədən təhsil, səhiyyə, sosial, mədəniyyət və digər sahələrin inkişafının maliyyə təminatı da planlaşdırılmışdır.
Sahibkarlığın inkişafı dövlətimiz tərəfindən daim diqqət mərkəzində saxlanılır. Buna əyani misal kimi bu yaxınlarda Milli Məclis tərəfindən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanuna edilən dəyişiklikləri göstərmək olar. Belə ki, dəyişikliklərə əsasən Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların müddəti 2021-ci il yanvarın 1-dək dayandırılmışdır.
Təmsil etdiyim Sumqayıt şəhərinin timsalında deyə bilərəm ki, regionların inkişafı və infrastruktur layihələrinin reallaşdırılması son nəticədə büdcə gəlirlərinin artırılmasına və yeni iş yerlərinin açılmasına səbəb olmuşdur. Bu gün regionlarda yeni tibb müəssisələri, məktəblər, bağçalar və sair sosial obyektlər tikilməkdədir ki, bu barədə hörmətli həmkarlarım ətraflı məlumat verdilər. Bu il Sumqayıt şəhəri üzrə gəlirlər 88 milyon 510 min manat, xərclər isə 45 milyon 186 min manat nəzərdə tutulmuşdur. Əminliklə deyə bilərəm ki, bu proqnoz artıqlaması ilə yerinə yetiriləcək.
Öz növbəmdə mən də əlavə etmək istərdim ki, 2016-cı ildə müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsinə  xüsusi önəm verilmiş, əlil və şəhid ailələri üçün regionlarda 166 fərdi yaşayış evinin, 54 mənzilli yaşayış binasının tikintisi başa çatdırılmış, 112 tədris müəssisəsi, 26 səhiyyə müəssisəsi, 73 mədəniyyət obyekti tikilmiş və ya əsaslı təmir edilmişdir. Bu işlər 2017-ci ildə də davam etdirilməkdədir.
Yeni ilin büdcə zərfində gəlirlərin artırılması nəzərdə tutulmuşdur ki, bu da aidiyyəti qurumlar olan Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi və digər strukturlar qarşısında yeni vəzifələr qoyur. Ölkə başçısının sosial sahələrin inkişafına, yeni iş yerlərinin açılmasına, biznesin, kənd təsərrüfatının çiçəklənməsinə göstərdiyi diqqət öz bəhrəsini verməkdədir. Çox sevindirici haldır ki, Dünya İqtisadi Forumunun dərc etdiyi qlobal rəqabət qabiliyyəti reytinq hesabatında Azərbaycan 2 pillə irəliləyərək 37-dən 35-ci yerə yüksəlmişdir. Bütün bunlar, bir daha təkrar edirəm ki, möhtərəm Prezidentimizin apardığı davamlı və məqsədyönlü siyasətin məntiqi nəticəsidir.
Zənnimcə, Azərbaycan Respublikasının büdcə-vergi siyasətinin prioritet istiqamətlərini özündə cəmləşdirən 2018-ci ilin dövlət büdcəsi “Büdcə sistemi haqqında” Qanunun tələblərinə uyğun olaraq hazırlanmışdır. Hesab edirəm ki, növbəti ilin dövlət büdcəsi Azərbaycanın mövcud potensialının daha da gücləndirilməsi, rəqabətədavamlı iqtisadiyyatın formalaşdırılması, əhalinin sosial rifahının yüksəldilməsi, xarici siyasət prioritetlərinə uyğun olaraq beynəlxalq aləmdə mövqelərimizin möhkəmlənməsi üzrə tədbirlərin bundan sonra da ardıcıl şəkildə davam etdirilməsinə imkan verəcəkdir.
Bütün bu məqamları nəzərə alaraq 2018-ci ilin büdcə zərfinə daxil olan qanun layihələrini bütövlükdə dəstəkləyirəm və həmkarlarımı qanun layihəsinin lehinə səs verməyə dəvət edirəm. Diqqətinizə görə təşəkkür edirəm. 
Tahir Rzayev. Hörmətli Sədr, hörmətli Baş nazir və deputat həmkarlarım! Ölkəmizdə hökm sürən ictimai-siyasi sabitlik, vətəndaş həmrəyliyi əldə olunan bütün nailiyyətlərimizin, eləcə də 2018-ci il dövlət büdcəsinin əsasıdır desək, yanılmarıq.
Azərbaycan Respublikasının müharibə şəraitində olmasına, bəzi daxili və xarici düşmənlərimizin, beynəlxalq təşkilatların yersiz təsirlərinə baxmayaraq, hörmətli Prezidentimiz cənab İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində nəinki təsirlər aradan qaldırılıb, habelə sabitlik də möhkəmləndirilib. Ölkəmiz dünyada öz yeri, öz mövqeyi olan bir dövlət kimi tanınır, inkişafdadır və yeni-yeni uğurlara imza atır. Azərbaycanda həyata keçirilən bir çox beynəlxalq səviyyəli tədbirlər, görüşlər, layihələr, idman yarışları, Bakı–Tbilisi–Qars dəmir yolunun açılışı ölkəmizin nəyə qadir olduğunu, iqtisadi imkanlarımızı, ali məqsədlərimizi bir daha dünyaya göstərdi və uğurlarımızın dünya ölkələri tərəfindən yüksək qiymətləndirilməsi də təbiidir.
Qəbul edəcəyimiz 2018-ci il dövlət büdcəsi də perspektivliyi, sosialyönümlü olması ilə fərqlənir. Büdcə layihəsində nəinki mühüm sosial proqramların reallaşdırılması üçün nəzərdə tutulan vəzifələr, mən deyərdim ki, tikinti, abadlıq, kənd təsərrüfatının, regionların inkişafı üçün planlaşdırılan tədbirlər də sosialyönümlüdür. Çünki bu vəzifələr bilavasitə insanların sosial vəziyyətinin yaxşılaşdırılmasına, yeni iş yerlərinin açılmasına, həyat şəraitinin yüksəldilməsinə istiqamətləndirilmişdir.
Təhsil sahəsində bilik və bacarıqları diaqnostik qiymətləndirilən müəllimlərin əmək haqqının artırılması, məktəbəqədər müəssisələrdə məktəbəhazırlığın təşkili, ümumtəhsil məktəblərində şagirdlərin pulsuz dərsliklərlə təmin olunması, peşə təhsili üçün büdcədən əlavə vəsaitlərin ayrılmasını müsbət qiymətləndirirəm. Hesab edirəm ki, ölkədə kənd təsərrüfatının, emal sənayesinin, tikintinin inkişafı ilə əlaqədar peşə təhsilinin səviyyəsi də durmadan artırılmalı, bu sahəyə əlavə vəsaitlər nəzərdə tutulmalıdır. Çünki ölkədə bir çox peşələrin tezliklə öyrənilməsinə ciddi ehtiyac vardır.
Son illər respublikada kənd təsərrüfatının, sahibkarlığın inkişafına, ixrac imkanlarının artırılmasına göstərilən qayğı, xeyli büdcə vəsaitinin bu sahəyə ayrılması öz bəhrəsini verməkdədir. Bu baxımdan pambıqçılıq xarakterik və gəlirli sahədir. Ancaq pambıqçılığın inkişafı imkanlarının düzgün planlaşdırılmasında, intensiv üsulların tətbiqində deyil, əksinə, sahələrin həcmini bir neçə dəfə artırmaqda, çiyidi hara gəldi səpməkdə görən bəzi sahibkarların iş nümunəsi bu il pambıqçılıqda çox çətinliklər yaratdı. Maşın mexanizmlərinin azlığından səpin, becərmə, yığım gecikdi. Xeyli məhsul itkiyə getdi. Bu gün pambıqyığan maşınların çatışmaması üzündən Ağcabədidə 300 hektardan çox sahənin məhsulu yığılmamış qalır. Texnikanın olmaması mövcud sahələrdən pambığın vaxtında yığılmasına, daşınmasına imkan vermədi və bu, məhsuldarlığa xeyli ziyan vurdu. Halbuki həmin sahələrdən pambıq oktyabr ayının əvvəllərində yığıla bilərdi. Mütəxəssislər yaxşı bilirlər ki, oktyabrın ortalarında havalar soyuduğuna, nəmlik yarandığına görə yığılan məhsul o qədər də keyfiyyətli olmur. Məhsul növünü dəyişir, rəqabətədavamlılığını itirir. Ölkədə tədarük olunan 182492 ton məhsulun 95 min tonu bu dövrdən sonra yığılıb. Biz rəqabətədavamlı məhsuldan danışırıqsa, bu gün yığılan və 30–35 faizi çıxara gedən məhsul həmin tələbata cavab verməyəcək. Respublika üzrə bu günə kimi hər hektardan 13,6 sentner məhsul götürülüb ki, bu da çox azdır. Əkin sahələrini kortəbii artıran rayonların çoxunda hektardan məhsuldarlıq 7,4–11,3 sentner arasında dəyişir ki, bu da təəssüf doğurur. Pambıq sahələrini aqrotexniki qaydada əkib becərməklə, imkanları düzgün qiymətləndirməklə respublika üzrə hər hektardan məhsuldarlığı ən azı 30 sentnerə çatdırmaq mümkündür. Belə olarsa, pambıq sahələri kortəbii artırılmaz, növbəli əkinə imkan yaranar, heyvandarlığa, yemçiliyə ziyan vurulmaz. Ən başlıcası külli miqdarda büdcə vəsaitinin havayı yerə xərclənməsinin qarşısını almaq olar.
Bu gün Ağcabədinin əksər küçələrinin, bəzi məktəb və uşaq bağçalarının işığı yanmır. Mərkəzi xəstəxananın qazı kəsilib, işığı isə fasilələrlə verilir. 205 yerlik müasir xəstəxananın əvvəlki xəstəxanaya nisbətən şəbəkəsi 3 dəfədən çox genişlənib, buranın regional dializ mərkəzinə çevrilməsinə baxmayaraq, qazişıq üçün ayrılan vəsait cüzidir. Bu limit 7–8 aylıq tələbatı ödəyə bilir. Bu gün xəstəxanada cərrahiyyə əməliyyatı aparmaq, xüsusilə dializ xəstələrinə tibbi xidmət göstərmək olduqca çətinləşib, ağır vəziyyət yaranıb. Mən hörmətli maliyyə nazirimizdən bu sahədə rayona lazımi köməklik göstərməsini xahiş edirəm.
Hər il dövlət müəssisələrinin özəlləşdirilməsindən büdcəyə xeyli vəsait daxil olur. Ancaq bəzi müəssisələrin özəlləşməyə çıxarılmasından əvvəl köhnə borcların silinməməsi, sonradan bu borcların yeni mülkiyyətçilərin üzərinə yüklənməsi işləri çətinləşdirir. Heç bir investor problemli müəssisə almaq istəmir və nəticədə özəlləşmə ləngiyir. Müvafiq orqanların bu sahədə lazımi tədbir görmələri vacibdir. Büdcə zərfi gərgin zəhmətin nəticəsidir. Onu hazırlayıb müzakirəyə təqdim edənlərə minnətdarlığımı bildirirəm və bu sənədin lehinə səs verəcəyəm. Diqqətinizə görə təşəkkür edirəm.


 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi