2017-ci il 30 iyun tarixli iclasın stenoqramı

BEŞİNCİ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
NÖVBƏDƏNKƏNAR
VII  SESSİYASI  İCLASININ

PROTOKOLU № 45

Milli Məclisin iclas salonu.
30 iyun 2017-ci il.

İclasa Azərbaycan Respublikası Milli Məclisinin
Sədri  O.Əsədov  sədrlik etmişdir.

İclasda Milli Məclisin 108 deputatı iştirak etmişdir.

Qeydiyyat (saat 12.10 dəq.)
İştirak edir 108
Yetərsay 83

İclasa dəvət olunmuşlar:

Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimliyinə namizədlər

Şəlalə Məmmədova,
Tahir Kazımov,
Akif İsgəndərov,
Əhməd Nurməmmədov,
Mehparə Əhmədova,
İmran Hacıqayıbov,
Rahib Nəbizadə,
Elşanə Vəliyeva.

Bakı Apellyasiya Məhkəməsinin hakimliyinə namizədlər
 
Qədim Babayev,
Ülvi Mayılov,
Namiq Məmmədov,
Sahibxan Mirzəyev,
Mirzəli Abbasov,
Həsən Əhmədov,
Əflatun Qasımov,
Faiq Qasımov,
Məmməd Məmmədov,
Vaqif Mursaqulov,
Afaq Nuriyeva,
Xəyalə Cəmilova,
Rafael Eyvazov,
Vüsalə Baxışova,
Elşən Kazımov,
Xumar Mərdanova,
Xəyal Sarıyev,
Elşad Şamayev.

Gəncə Apellyasiya Məhkəməsinin hakimliyinə namizədlər

Tapdıq Mahmudov,
Çingiz Məmmədov,
Şəfiqə Əliyeva,
Əlizamin Abdullayev,
Nuru Quliyev,
Ədil Məmmədov.

Sumqayıt Apellyasiya Məhkəməsinin hakimliyinə namizədlər
 
Səadət Bəktaşi,
Elman Rəhimov,
Lətifə Məmmədova,
Zaur Məmmədov,
Elman Əhmədov.

Şirvan Apellyasiya Məhkəməsinin hakimliyinə namizədlər

Rəşadət Ağayev,
İlham Əsədov,
Kamil Bəşirov,
Kamran Əkbərov,
Zeynal Zeynalov,
Rafiq Cəfərov.

Şəki Apellyasiya Məhkəməsinin hakimliyinə namizədlər

İnşallah Quliyev,
Mübariz Əkbərov,
Mirbahəddin Hüseynov.

*   *   *

Samir Şərifov, Azərbaycan Respublikasının maliyyə naziri.
Aydın Əliyev, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri.
Elman Rüstəmov, Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin sədri.
Sahib Ələkbərov, Azərbaycan Respublikası vergilər nazirinin müavini.
Sevinc Həsənova, Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini.
Vüqar Gülməmmədov, Azərbaycan Respublikası Hesablama Palatasının  sədri.
Adil Məhərrəmov, Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında.
2. Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında.
3. Gəncə Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında.
4. Sumqayıt Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında.
5. Şirvan Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında.
6. Şəki Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında.
7. “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
8. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
9. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
10. “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında
11. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
12. Azərbaycan Respublikasının Su Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
13. “Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
14. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə
15. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
16. “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında
17. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
18. İşsizlikdən sığorta haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).
19. Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

Aşağıdakı məsələlər müzakirə edilmişdir:

Gündəlik haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.17 dəq.)
Lehinə 105
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 105
Nəticə: Qəbul edildi

1. Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyafət Əsgərov, Əli Hüseynli, Qüdrət Həsənquliyev

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.23 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 103
Nəticə: Qəbul edildi

2. Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.26 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 103
Nəticə: Qəbul edildi

3. Gəncə Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.27 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

4. Sumqayıt Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.28 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

5. Şirvan Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.30 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 104
Nəticə: Qəbul edildi

6. Şəki Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.31 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 104
Nəticə: Qəbul edildi

7. “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə,  Samir Şərifov,  Vüqar Gülməmmədov, Vahid Əhmədov, Qüdrət Həsənquliyev, Ziyafət Əsgərov, Əli Məsimli, Fərəc Quliyev, Tahir Kərimli, Siyavuş Novruzov, Rəşad Mahmudov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.35 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 91
Nəticə: Qəbul edildi

8. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.38 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 93
Nəticə: Qəbul edildi

9. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.38 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 90
Nəticə: Qəbul edildi

10. “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.40 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 95
Nəticə: Qəbul edildi

11. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.41 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 90
Nəticə: Qəbul edildi

12. Azərbaycan Respublikasının Su Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Valeh Ələsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.46 dəq.)
Lehinə 91
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 92
Nəticə: Qəbul edildi

13. “Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli, Musa Qasımlı, Zahid Oruc

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.54 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

14. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.56 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

15. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.58 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 91
Nəticə: Qəbul edildi

16. “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.58 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 91
Nəticə: Qəbul edildi

17. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.00 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 90
Nəticə: Qəbul edildi

18. İşsizlikdən sığorta haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

Çıxış etmişlər:  Oqtay Əsədov, Hadi Rəcəbli, Əli Məsimli

Təklif: Layihə ikinci oxunuşda əsas kimi qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.01 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 88
Nəticə: Qəbul edildi

Təklif: Layihənin adı, preambulası, 1–7-ci  maddələri qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.08 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 96
Nəticə: Qəbul edildi

Təklif: 8–26-cı maddələr qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.09 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 93
Nəticə: Qəbul edildi

Təklif: Layihə ikinci oxunuşda qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.09 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 93
Nəticə: Qəbul edildi

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.10 dəq.)
Lehinə 91
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 94
Nəticə: Qəbul edildi

19. Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli, Qüdrət Həsənquliyev, Əli Məsimli, Jalə Əliyeva

Təklif: Layihə ikinci oxunuşda əsas kimi qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.25 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

Təklif: Layihə ikinci oxunuşda qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.26 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.27 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: Qəbul edildi


Azərbaycan Respublikası
Milli Məclisinin Sədri
O.ƏSƏDOV
MİLLİ  MƏCLİSİN  İCLASI

30 iyun  2017-ci il. Saat 12.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Bu gün, maşaallah, bizim iclasda hakimlər qrupu da çox böyük tərkibdə təmsil olunub. Xahiş edirəm, qeydiyyatdan keçəsiniz. 

Qeydiyyat (saat 12.10 dəq.)
İştirak edir 101
Yetərsay 83

Çox sağ olun, yetərsay var. İclasımıza başlaya bilərik.
Bildiyiniz kimi, bu gün bizim gündəliyin 6 məsələsi hakimlərin, Ali Məhkəmə hakimlərinin, Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi, yer dəyişməsi, azad olunması məsələləridir. Bu məsələlərə başlamadan öncə, icazə verin, Məhkəmə-Hüquq Şurasının üzvü Ziyafət Əsgərova söz verək, Məhkəmə-Hüquq sistemində gedən islahatlar haqqında bizə qısa bir məlumat versin. Buyurun, Ziyafət müəllim.
Z.Əsgərov, Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli həmkarlar, hörmətli hakimlər, dəvət olunmuş şəxslər! Məhkəmə sistemində aparılan islahatlar məhkəməyə ictimai etimadı xeyli yüksəltmişdir. Artıq insanlar pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etməyə daha çox üstünlük verirlər. Məhkəmə statistikasına diqqət yetirsək, görərik ki, yeni məhkəmə sisteminin fəaliyyətə başladığı 2000-ci illə müqayisədə məhkəmələrdə baxılan mülki xarakterli işlərin sayı xeyli artmışdır. Lakin buna baxmayaraq, hakimlərimiz iş yükünün öhdəsindən layiqincə gəlməyə çalışırlar. Təsadüfi deyil ki, birinci instansiya məhkəmələri tərəfindən mülki xarakterli işlər üzrə çıxarılmış qərarların təxminən 98 faizi sabit qalıb. Bununla belə yeni çağırışlar nəzərə alınaraq ölkəmizdə məhkəmə xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə, habelə hakimlərin iş yükünün azaldılmasına istiqamətlənən institusional və qanunvericilik islahatları davam etməkdədir.
Dövlət başçısının 2014-cü il 13 fevral tarixli sərəncamına uyğun olaraq məhkəmə fəaliyyətinin elektronlaşması və bu məqsədilə elektron məhkəmə sisteminin tətbiqi ilə vətəndaşlar məhkəmələrə, həmçinin elektron qaydada müraciət etmə hüququ imkanı əldə ediblər. Artıq vətəndaşlar məhkəmələr barədə daha ətraflı məlumatlar əldə edə bilərlər, yəni internetdə xüsusi portal yaradılıb, həmin portala hər bir vətəndaş daxil olaraq öz kabinetini yarada bilər və onun öz kodu var. Həmin kod vasitəsilə şəxsi kabinet yaradılır və bundan istifadə etməklə iqtisadi mübahisələr ilə bağlı elektron qaydada iddia ərizələri vermək, baxılan işlər, keçirilən iclaslar, çıxarılan qərarlar barədə elektron qaydada məlumatlar almaq, məhkəmə rüsumlarını elektron qaydada ödəmək və sair imkanlar qazanılıb. Qeyd etmək lazımdır ki, son illər istifadəyə verilən 12 məhkəmə bina və komplekslərində, o cümlədən bu günlərdə cənab Prezident tərəfindən açılışı edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında yeni sistem tətbiq edilib.
Hazırda bu sahədə islahatların davamı olaraq 9 məhkəmə üçün yeni müasir binaların inşası aparılmaqdadır. Bununla belə, qeyd etmək lazımdır ki, ötən dövrdə hakimlərin sayının 2 dəfə artırılmasına baxmayaraq, ölkəmizdə hakimlərin əhaliyə nisbətdə sayı Avropa dövlətləri ilə müqayisədə daha azdır. Bizdə hər 100 min nəfərə 6 hakim düşür. Halbuki bəzi Avropa dövlətlərində bu göstərici 20-dən çoxdur. Hazırda vakant hakim ştatlarının komplektləşdirilməsi üzrə tədbirlər görülür. 126 nəfər hakimliyə namizəd şəffaf seçim əsasında imtahanlarda uğur qazanaraq Ədliyyə Akademiyasında tədris kursları keçir. Əlbəttə, iş yükünün azaldılmasına təkcə hakimlərin sayının artırılması ilə nail olmaq mümkün deyil. Bununla əlaqədar məhkəmə fəaliyyətinin səmərəliyinin artırılması, məhkəmənin iş yükünün azaldılması ilə bağlı təhlillər aparılır. Mülki xarakterli işlərin məhkəmədənkənar həlli yolları axtarılır. Bu sahədə beynəlxalq təcrübə ciddiyyəti ilə öyrənilir. Məhkəmələrin çıxartdıqları qərarların icrası ilə əlaqədar səlahiyyətlərin ötən il qəbul edilmiş müvafiq qanunla icra məmurlarına verilməsi məhkəmələrdə iş yükünün azalmasına xeyli təsir göstərib. Həmçinin bu sahədə operativliyə nail olunub, əlavə yazışmalara son qoyulub. Vaxta və dövlət xərclərinə qənaət edilib.
Bununla yanaşı, vətəndaşların hüquqlarının etibarlı təmin olunması məqsədi ilə icra məmurunun qərarından məhkəməyə şikayət vermək hüququ təsbit edilmişdir. Eyni zamanda, mülki xarakterli işlərin təxminən 60 faizini əmr icraatı qaydasında baxılan mübahisəsiz pul və əmlak tələbləri ilə bağlı işlər təşkil edir. Bu sahədə inkişaf etmiş xarici dövlətlərin təcrübəsi göstərir ki, əmr icraatı ilə bağlı işlərə məhkəmədənkənar mərkəzləşdirilmiş formada elektron qaydada baxılır. Bununla əlaqədar xüsusi proqram  yaradılıb. Bu cür işlərə elektron sistem tətbiq olunmaqla ən qısa müddətdə baxılması mexanizmi işlənilib, müvafiq qanun layihələri hazırlanır. Bu sahədə yeni prosedurun tətbiqi məhkəmədə proseslərin iş yükünün azalmasına, məsələnin operativ həllinə, insan resurslarının səmərəli istifadəsinə, işlərə daha qısa müddətdə baxılmasına öz müsbət təsirini göstərəcəkdir.
Sevindirici haldır ki, insan haqlarının etibarlı təminatına yönəldilmiş məhkəmə islahatlarımıza beynəlxalq qurumlar tərəfindən də böyük maraq göstərilir. Avropa Şu-rasının mühüm təsisatı olan ədalət mühakiməsinin səmərəliliyi üzrə Avropa Komissiyasının bütün üzv dövlətlərdə yayılan dövri nəşrində Azərbaycanda həyata keçirilən məhkəmə islahatlarına böyük önəm verilərək buna ayrıca bir bölmə həsr edilib. Avropalı ekspertlər Azərbaycan hakimiyyətinin bu sahədə gördüyü işləri yüksək qiymətləndirib və belə qənaətə gəliblər ki, ədalət mühakiməsi sistemində səmərəli islahatların aparılmasında, məhkəmələrin unikal infrastrukturunun yaradılmasında, ən müasir texnologiyaların və yeniliklərin tətbiqində Azərbaycan bir çox Avropa ölkələrinə nümunə ola bilər.
Bir məsələni xüsusilə qeyd etmək istərdim. Əfsuslar olsun ki, bir sıra hallarda məhkəmə sistemimizə kölgə salmaq məqsədi ilə Avropa Məhkəməsinin ölkəmizə qarşı çıxartdığı qərarların sayının çoxluğu qeyd olunur. Hər il Avropa Məhkəməsi öz fəaliyyəti və hər bir dövlət üzrə daxil olan şikayətlər və çıxarılan qərarlarla bağlı statistik hesabatları öz saytında dərc edir. Həmin məlumatlara nəzər saldıqda müəyyən olunur ki, çıxarılan qərarların təxminən yarısı 4 ölkəyə – Rusiya, Ukrayna, İtaliya və Rumıniyaya qarşı olmuşdur. Azərbaycana qarşı isə 2016-cı ildə Avropa Məhkəməsi tərəfindən digər ölkələrlə müqayisədə cəmi 16 qərar qəbul olunmuşdur. Halbuki  əhalisinin sayı Azərbaycanla təxminən eyni olan Bolqarıstana qarşı 33, Macarıstana qarşı 40, Yunanıstana qarşı 41 qərar çıxarılmışdı. Məhkəməyə edilən şikayətlərin sayı ilə bağlı qeyd olunmalıdır ki, məhkəmənin statistik hesabatlarında bu rəqəm dövlətlər üzrə hər 10 min əhaliyə münasibətdə hesablanıb və Avropa üzrə orta rəqəm 0,64-dür. Azərbaycan üzrə isə bu rəqəm təxminən 2 dəfə aşağıdır,  0,34 faiz təşkil edir. Ölkəmizlə müqayisədə Avropa İttifaqına üzv dövlətlərdən və digər dövlətlərdən, məsələn, Macarıstandan 16 dəfə, Rumıniyadan 12 dəfə, Bosniya və Herseqovinadan 8 dəfə çox şikayət daxil olmuşdur.
Möhtərəm Prezidentimizin diqqət və qayğısı sayəsində bütün sahələrdə olduğu kimi, məhkəmə sistemində də islahatlar uğurla davam etdirilir. İnsan hüquqlarının etibarlı müdafiəsi, ədalət mühakiməsinin səmərəliyinin artırılması, məhkəmə qərarlarının ədalətliyinin və icrasının  təmin olunması sahəsində məqsədyönlü işlər davam etdirilir. Məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi ilə bağlı qanunvericilik daim təkmilləşdirilir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Hörmətli millət vəkilləri, gündəlik sizə təqdim olunub. Xahiş edirəm, gündəlik səsə qoyulsun, gündəliyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.17 dəq.)
Lehinə 105
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 105
Nəticə: Qəbul edildi

Gündəlik təsdiq olundu, çox sağ olun.
Gündəliyin 1-ci məsələsinə keçirik. Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında buyursun Əli Hüseynli.
Ə.Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.
Çox sağ olun, hörmətli cənab Sədr. Artıq qeyd olunduğu kimi, cənab Prezident tərəfindən həm Ali Məhkəmənin, həm də müxtəlif apellyasiya məhkəmələri hakimlərinin təyinatı ilə bağlı məsələ Milli Məclisin müzakirəsinə təqdim olunmuşdur. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında Məhkəmə-Hüquq Şurası Aparatı rəhbərinin, Məhkəmə-Hüquq Şurası üzvlərinin iştirakı ilə bu məsələ geniş müzakirə olunmuş və bu barədə məlumat mətbuatda da dərc edilmişdir.
Qeyd etməliyəm ki, hazırda fəaliyyət göstərən hakim korpusu 10 il bundan əvvəl parlamentdə təyinat almışdır. Amma bu il iyulun 16-da və 29-da 10 il müddətinə təyin olunmuş yuxarı məhkəmələrin bir qrup hakiminin səlahiyyət müddəti başa çatmaq üzrədir. Məhz bu məqsəd ilə Məhkəmə-Hüquq Şurası tərəfindən bu məsələlər ətraflı öyrənilmiş, o cümlədən yerlərdə yoxlanılmaqla qiymətləndirilmişdir.
Beləliklə, ilk  növbədə Ali Məhkəmə üzrə təqdim olunan, daha dəqiq desək, səlahiyyət müddətləri artırılan hakimlərlə bağlı məlumat vermək istəyirəm. Şəlalə xanım Məmmədova, Tahir Kazımov, Akif İsgəndərov, Əhməd Nurməmmədov, Mehparə Əhmədova, İmran Hacıqayıbov, Rahib Nəbizadə. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin hakimi Elşanə Vəliyevanın Ali Məhkəməyə hakim təyin olunması ilə bağlı da təklif daxil olmuşdur. Bundan başqa, hazırda Ali Məhkəmənin hakimi olan İlham Cəfərovun vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Ali Məhkəmənin hakim vəzifəsindən azad edilməsi təklif olunur. Cənab Sədr, Ali Məhkəmə ilə bağlı bu qədər.
Sədrlik edən. Çox sağ olun. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Təşəkkür edirəm, Oqtay müəllim. Hörmətli qonaqlar və Məclis iştirakçıları, biz komitənin iclasında da bu məsələni müzakirə edərkən hörmətli Cavid müəllim, indi isə hörmətli Ziyafət müəllim aparılan islahatlar haqqında, görülən işlər barədə kifayət qədər ətraflı məlumat verdilər. Əlbəttə, bu bizim hamımızı sevindirir. Amma mən bir-iki dəqiqəlik çıxışımda bəzi məsələlərə toxunmaq istəyirəm. Çıxışımı İmmanuel Kantın belə bir fikri ilə başlamaq istəyirəm. O yazırdı ki, vicdanı daxilimizdə məhkəmə quran Allahın təmsilçisi kimi qəbul etməliyik. İnsanın ağlı borc və qanun anlayışları səviyyəsinə yüksələndə o vicdanlı və əxlaqlı varlığa çevrilir. Düşünürəm ki, bu gün hakim kimi təsdiq edəcəyimiz şəxslər dövlət və övladlarımız qarşısında öz borclarını dərk edən şəxslərdir. Bizim qəbul etdiyimiz qanunlara əməl edilməyəcəksə, qanunu pozanlar məsuliyyətə cəlb olunmayacaqlarsa, vətəndaşların qanun qarşısında bərabərliyi təmin olunmayacaqsa, həmin qanunların heç bir dəyəri yoxdur. Hörmətli hakimlər hakimiyyətin müstəqil qanadı kimi ədalətli cəmiyyət quruculuğunda böyük məsuliyyət daşıyırlar. Hakimlərimiz ədalətli və vicdanlı qərarları ilə həm iqtisadiyyatın inkişafına öz töhfəsini verməli, həm də gənc hakimlər üçün nümunə olub məhkəmə təcrübəsi yaratmalıdırlar.
Məni narahat edən, Oqtay müəllim, iki məsələdir. Biz mətbuatda bəzən oxuyuruq ki, məhkəmə istintaqı zamanı bizim bəzi hakimlərimiz açıqdan-açığa məhkəməyə və dövlətə meydan oxuyan ifadələri dinləyirlər. Məsələn, hansısa şahid qismində dəvət olunmuş şəxs bəyan edir ki, bəli, biz filan qədər pul oğurlamışıq və filan qədər puldan da filan qədəri mənə çatıb. Amma sonradan hakimlər və məhkəmələr tərəfindən həmin şəxsin məsuliyyətə cəlb olunması üçün müvafiq qərarların qəbul olunmasını biz görmürük. Bu isə insanların ədalət mühakiməsinə olan inamını sarsıdır,  həm də dövlətin nüfuzuna böyük zərbədir. Yaxud əksini müşahidə edirik ki, Azərbaycanda bəraət hökmlərinin sayı olduqca azdır. Mən hesab edirəm ki, bütün, hətta ən inkişaf etmiş ölkələrdə belə kifayət qədər bəraət hökmləri çıxarılır. Yəni belə olacağı təqdirdə düşünürəm ki, bizim istintaq orqanlarında da məsuliyyət artmış olacaq. Müstəntiqlərin də məsuliyyəti artacaq və cəmiyyətimiz bundan faydalanmış olacaq. Namizədliyi irəli sürülmüş hakimlərin böyük əksəriyyətini tanıyıram. Onların əksəriyyəti vicdanlı adamlardır, tanıdığım şəxslərdir. Ona görə də mən onların təsdiq olunmasına səs verəcəyəm. Amma hesab edirəm ki, onlar da bizim bu çıxışlarımızdan nəticə çıxaracaqlar. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Əgər başqa fikir yoxdursa, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.23 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 103
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Sizi təbrik edirəm.
Gündəliyin 2-ci məsələsi Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqındadır. Buyursun Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri və hakimlər! Bu təyinatı da təxminən 3 kateqoriyaya bölmək olar. Bakı Apellyasiya Məhkəməsində səlahiyyət müddətləri iyul ayında başa çatan və səlahiyyət müddətləri artırılan hakimlər, 1-ci instansiyanı gücləndirmək məqsədi ilə azad olunan və gələcəkdə təyin olunacaq hakimlər və nəhayət, əksinə, 1-ci instansiyadan etimad göstərilərək Bakı Apellyasiya Məhkəməsinə təyin olunacaq hakimlər. Beləliklə, Bakı Apellyasiya Məhkəməsi üzrə səlahiyyət müddətləri iyul ayında bitən və yenidən etimad göstərilən hakimlər Babayev Qədim, Mayılov Ülvi, Məmmədov Namiq, Mirzəyev Sahibxan, Abbasov Mirzəli, Əhmədov Həsən, Qasımov Əflatun, Qasımov Faiq, Məmmədov Məmməd, Mursaqulov Vaqif, Nuriyeva Afaqdır. Eyni zamanda, 2 hakimin, Xəyalə Cəmilovanın Sumqayıt Apellyasiya Məhkəməsindən azad olunaraq Bakı Apellyasiya Məhkəməsinə və Rafael Eyvazovun Şirvan Apellyasiya Məhkəməsindən azad olunaraq Bakı Apellyasiya Məhkəməsinə hakim təyin olunması təklif olunur.
Həmçinin söylədiyim kimi, iki hakim vəzifədən azad olunub, amma gələcəkdə onların təyinatı ilə bağlı təkliflər irəli sürülüb. Bunlar Əliyev Toğrul və Məmmədov Vüqardır. Habelə qeyd etdiyim kimi, hazırda birinci instansiyada çalışan, amma Bakı Apellyasiya Məhkəməsinə hakim kimi təyin olunmaları ilə bağlı etimad göstərilən 5 hakim də var. Baxışova Vüsalə, Kazımov Elşən, Mərdanova Xumar, Sarıyev Xəyal və  Şamayev Elşad. Bakı Apellyasiya Məhkəməsi ilə bağlı bu qədər. Səsə qoyulmasını xahiş edirəm.
Sədrlik edən. Sağ olun. Əgər başqa fikir yoxdursa, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.26 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 103
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Sizi də təbrik edirəm.
3-cü məsələ Gəncə Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqındadır. Buyursun Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli cənab Sədr. Gəncə Apellyasiya Məhkəməsi hakimləri də səlahiyyət müddətləri iyul ayında başa çatan və  yenidən təyinatları təklif olunan hakimlərdir. Mahmudov Tapdıq, Məmmədov Çingiz, Əliyeva Şəfiqə, Abdullayev Əlizamin. Eyni zamanda,  1-ci instansiyada Gəncə şəhərində və Tovuz rayonunda çalışan 2 hakim, Quliyev Nuru və Məmmədov Ədil Gəncə Apellyasiya Məhkəməsinə hakim kimi təklif olunurlar. Gəncə Apellyasiya Məhkəməsi ilə bağlı bu qədər, cənab Sədr. Səsə qoyulmasını xahiş edirəm.
Sədrlik edən. Sağ olun. Əgər başqa fikir yoxdursa, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.27 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Sizi təbrik edirəm.
4-cü məsələ Sumqayıt Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqındadır. Buyursun Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli cənab Sədr. Bu, Sumqayıt Apellyasiya Məhkəməsi üzrə səlahiyyət müddətlərinin başa çatması ilə əlaqədar aşağıdakı hakimlərin səlahiyyət müddətlərinin yenidən uzadılması və təyinatı ilə bağlı təklifdir. Bəktaşi Səadət, Rəhimov Elman, Məmmədova Lətifə. Eyni zamanda, Sumqayıtdan və Qubadan iki hakimin Sumqayıt Apellyasiya Məhkəməsinə irəli çəkilməsi ilə bağlı təklif var. Bu hakimlər Məmmədov Zaur və Əhmədov Elmandır. Səsə qoyulmasını xahiş edirəm.
Sədrlik edən. Sağ olun. Əgər başqa fikir yoxdursa, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.28 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Sizi də təbrik edirəm.
5-ci məsələ Şirvan Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqındadır. Buyursun Əli Hüseynli.
Ə.Hüseynli.  Şirvan Apellyasiya Məhkəməsi üzrə müddətləri başa çatan və yenidən təyinat alan hakimlər aşağıdakılardır. Ağayev Rəşadət, Əsədov İlham, Bəşirov Kamil, Əkbərov Kamran və Zeynalov Zeynal. Eyni zamanda, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Rafiq Cəfərovun Şirvan Apellyasiya Məhkəməsinin hakimi təyin olunması təklif olunur. Həmçinin Şirvan Apellyasiya Məhkəməsinin  hazırkı hakimi Vüsal Cəbrayılovun  gələcək təyinatı ilə bağlı, vəzifəsinin dəyişdirilməsi ilə bağlı hazırkı vəzifəsindən azad olunması təklif olunur. Səsə qoyulmasını təklif edirəm.
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirin.

Səsvermənin nəticələri (saat 12.30 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 104
Nəticə: Qəbul edildi

Çox sağ olun, sizi də təbrik edirik.
Nəhayət, sonuncu məsələ Şəki Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqındadır. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun. Səlahiyyət müddətlərinin başa çatması ilə əlaqədar aşağıdakı hakimlərin yenidən təyin olunması təklif olunur. İnşallah Quliyev, Mübariz Əkbərov, Mirbahəddin Hüseynov. Həmçinin gələcək təyinatı ilə bağlı hazırda Şəki Apellyasiya Məhkəməsinin hakimi Vidadi Qasımovun Şəki Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad olunması təklif olunur. Şəki Apellyasiya Məhkəməsi ilə bağlı bu qədər.
Cənab Sədr, bir məlumat da vermək istəyirəm ki, Məhkəmə-Hüquq Şurasının qərarı ilə 6 nəfərin səlahiyyətinə xitam verilib. Bunlar o şəxslərdirlər ki, onların səlahiyyət müddətləri başa çatıb, ancaq onlarla bağlı yenidən təkliflər irəli sürülməyib. Həmin şəxslərlə bağlı mətbuatda məlumat verilib, amma onlar artıq Milli Məclisin predmeti olmadığına görə adlarını burada səsləndirmirəm. Məhkəmə-Hüquq Şurasının qərarı ilə onların səlahiyyətlərinə xitam verilmişdir. Çox sağ olun. 
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.31 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 104
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Sizləri təbrik edirəm. Hörmətli hakimlər, burada millət vəkilləri çox çıxış eləyə bilərdilər, amma biz çoxlarınızı tanıyırıq. Ona görə  məsləhət bilindi ki, hamınız təsdiq olunasınız. Sizi bir daha təbrik edirəm və sizin hamınıza arzu edirəm ki, tərəziniz həmişə düz olsun, sizdə tərəziyə “femida” deyirlər də. Ədalət ürəyinizdə olsun. Sizi təbrik edirik, can sağlığı arzulayırıq, gedə bilərsiniz.
Gündəliyin növbəti 7-ci məsələsi “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədədir. Buyurun, Ziyad Səmədzadə.
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Azərbaycan Respublikasının dövlət büdcəsinə dəyişikliklərin edilməsi Azərbaycan Respublikası Prezidentinin ölkədə uğurla aparılan iqtisadi islahatların istiqaməti sahəsində gördüyü tədbirlərin məntiqi nəticəsidir. 2016-cı il arxada qalmışdır, bu ildə Azərbaycan iqtisadiyyatı üçün müəyyən çətinliklər olsa da, cənab Prezidentin dediyi fikirləri bir daha qeyd etmək istəyirəm ki, 2016-cı il Azərbaycan iqtisadiyyatı üçün uğurlu olub. Azərbaycan iqtisadiyyatı qlobal risklərə baxmayaraq, özünün davamlılığını nümayiş etdirmiş, irimiqyaslı layihələrə imza atmışdır.
2017-ci ilin son 6 ayının yekunları göstərir ki, Azərbaycan iqtisadiyyatında canlanma prosesləri güclənir. Qlobal risklərə və təzyiqlərə, dünya bazarında neftin qiymətinin müxtəlif istiqamətlərdə dəyişməsinə baxmayaraq, Azərbaycan iqtisadiyyatının dinamikliyi qorunaraq saxlanılıb. Elə bunun nəticəsidir ki, cənab Prezident dövlət büdcəsində dəyişikliklərin edilməsi təşəbbüsü ilə Milli Məclisə müraciət etmişdir. Təqdim edilmiş materiallar kifayət qədər zəngindir və millət vəkillərinə paylanmışdır. Dövlət büdcəsində dəqiqləşdirmələrin aparılması barədə izahat, ötən aylar ərzində ölkə iqtisadiyyatında vəziyyət, dövlət büdcəsi gəlirlərinin və xərclərinin dinamikası ilə əlaqədar materiallar təqdim edilmişdir. Bütün bu materiallar da birmənalı şəkildə sübut edir ki, ölkə üzrə proqnozlaşdırılmış büdcə gəlirlərinin dinamikasında müsbət meyillər var. Dövlət büdcəsi vasitəsilə maliyyələşdirilən bütün istiqamətlər üzrə tapşırıqlar, demək olar ki, yerinə yetirilmişdir. Ona görə də komitədə  qanun layihəsinin müzakirəsi zamanı millət vəkilləri dəyişilmənin  zəruriliyini izah edən konkret faktlarla çıxış etdilər.
Hörmətli maliyyə naziri Samir Şərifov və Hesablama Palatasının sədri Vüqar Gülməmmədov ölkə iqtisadiyyatında canlanma, büdcə proqnozlarının dinamikası və xərcləri barədə komitə iclasında kifayət qədər konkret materiallar təqdim etdilər. Yaranmış iqtisadi şərait, islahatların dərinləşməsi istiqamətində atılan addımların səmərəliliyinin artırılması, bank-maliyyə sistemində sağlamlaşma tədbirlərinin aparılması, mühüm dövlət vəzifələrinin uğurla həyata keçirilməsi 2017-ci ilin dövlət və icmal büdcələrinin xərclərinə yenidən baxılmasını məqsədəuyğun hesab etmişdir. Milli Məclisə təqdim edilmiş sənədlər  ilk növbədə 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq ünvanlı sosial yardımın təmin edilməsi məqsədi ilə ehtiyac meyarı həddinin, sosial mənzil tikintisi ilə bağlı əhalinin ehtiyac meyarlarının daha geniş şəkildə əhatə edilməsi məqsədi ilə müvafiq xərclərin, lisenziyası ləğv edilmiş banklarda əmanətçilərin qorunan əmanətlərinin yüz faiz ödənilməsi ilə bağlı əlavə tədbirlərin görülməsini, avtomobil və dəmir yolu şəbəkələrinin, su təchizatı və kanalizasiya sistemlərinin tikintisi və yenidən qurulmasını, digər layihələrlə bağlı həyata keçirilən bir sıra infrastruktur layihələrin maliyyələşdirilməsini, xarici dövlət borclanmasının yuxarı həddinin artırılmasını, Azərbaycan Respublikasının şəhər və rayonlarında yeni tikilmiş uşaq bağçalarının istismara verilməsi ilə bağlı maliyyə təminatının yaradılmasını və bir sıra zəruri xərclərin tənzimlənməsini əhatə edir. Bunun üçün artıq gəlirlərin 511 milyon manat və ya 3,1 faiz artırılması nəzərdə tutulur. Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi xətti ilə nəzərdə tutulan proqnozların uğurla yerinə yetirilməsi ölkədə aparılan iqtisadi islahatların, vergi sistemində inzibatçılığın, vergi mədəniyyətinin artırılmasının, Dövlət Gömrük Komitəsi sistemində isə şəffaflığın artırılmasının məntiqi nəticəsidir. İzahatda cari əsaslı xərclər, sosial müdafiə ilə bağlı dəqiqləşdirilmiş maliyyə vəsaitlərinin miqdarı, ümumi daxili məhsulda xüsusi çəkiləri barədə zəruri materiallar verilmişdir.
Dəyişiklikləri zəruri edən mühüm məsələlərdən biri  təbii qazın daxili bazarda maya dəyərindən aşağı qiymətə satışından istehsalçı Dövlət Neft Şirkəti üçün yaranmış 250 milyon manat zərərin dövlət büdcəsi hesabına ödənilməsidir. Bu, tamamilə düzgün və istehlakçıların xeyrinə olan bir qərardır. Ümumiyyətlə,  müəyyən inkişaf mərhələsində enerji resursları və bəzi xidmətlərə görə daxili qiymətlərdən istifadə olunması obyektiv zərurətdir. Bəzi xarici ekspertlər reallığı, əhalinin gəlir və xərclərinin iqtisadi inkişaf səviyyəsini nəzərə almadan daxili qiymətlərdən istifadə edilməməsini təklif edirlər.
Dünya təcrübəsi konkret faktlarla sübut edir ki, bu cür yanaşma inkişaf etməkdə olan ölkələrin milli iqtisadiyyatının dirçəlməsinə, rəqabətliliyin artması üçün real əsasların yaradılmasına ciddi maneə törədir. Ona görə də müəyyən inkişaf dövründə daxili qiymətlərdən istifadə yekdil zərurətdir ki, bu prosesin də dövlət büdcəsi vasitəsilə tənzimlənməsi vacibdir. Yəni əhalinin sosial müdafiəsinə xələl gətirməmək məqsədi ilə enerji daşıyıcılarına nisbətən aşağı qiymətlər müəyyən edilir və istehsalçıya dəymiş zərər dövlət büdcəsi hesabına ödənilir. Bütövlükdə bu vacib sosial məsələyə Azərbaycan dövləti, Azərbaycan hökuməti çox həssaslıqla yanaşır, eyni zamanda, qeyd etmək istərdim ki, – bu, komitədə də vurğulandı, – müvafiq strukturlar bu məsələni sistemli araşdırmalı, ev təsərrüfatı xərclərinin müqayisəli təhlillərini aparmalıdırlar.
Komitədə müzakirə zamanı hökumətin xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqlarında çalışan əməkdaşların əmək haqlarının tənzimlənməsi, bu strukturların bəzilərinə əlavə ştatların verilməsi, Azərbaycan hökumətinin xarici ölkələrdəki səfirliklərində təsis olunacaq ticarət evlərinin saxlanılması ilə bağlı xərclərin artırılması müsbət addım kimi qiymətləndirildi. Xüsusi olaraq qeyd edildi ki, bu məsələ daim diqqət mərkəzində olmalıdır. Çünki Azərbaycanın beynəlxalq aləmdə imici artır. Milli maraqların qorunması, beynəlxalq əlaqələrin inkişafı, Azərbaycan dövlətinin xarici siyasətinin uğurla həyata keçirilməsi bu amilin daim diqqət mərkəzində saxlanılmasını zəruri edir.
Bank sisteminin sağlamlaşdırılması, banklara inamın artırılması, əhalinin əmanətlərinin qorunması və xüsusi olaraq diqqətdə saxlanması ən vacib məsələlərdən biridir. Komitədə müzakirələr zamanı bu amil də xüsusi olaraq daha ətraflı təhlil edildi. Bilirsiniz ki, hökumətin müvafiq qərarlarına uyğun olaraq lisenziyası ləğv edilmiş 11 bank üzrə əmanətçilərin qorunan əmanətlərinin 100 faiz ödənilməsi prosesi həyata keçirilməlidir. Bu məqsədlə təqdim olunmuş layihədə Əmanətlərin Sığortalanması Fondu tərəfindən cəlb edilmiş kreditlərin bağlanması üçün fondun nizamnamə kapitalının yarım milyarddan çox artırılması nəzərdə tutulmuşdur. Eyni zamanda, qeyd etmək lazımdır ki, Azərbaycan iqtisadiyyatı üçün ən vacib məsələlərdən biri bankların sağlamlaşdırılmasıdır. Banklar real sektora dəstəyi artırmalı, sahibkarlığın inkişafı üçün hələ də mövcud olan bir sıra maneələr aradan qaldırılmalıdır. Bu məsələ təqdim olunan hesabatda da öz əksini tapıb.
Azərbaycan dünya ölkələri içərisində borclanma səviyyəsi ən aşağı olan ölkələrdən biridir. Biz keçən il dövlət büdcəsini təsdiq edərkən dövlət büdcəsində xarici borcun həddini 500 milyon manat müəyyən etmişdik. 1 aprel tarixində imzalanmış sazişlər üzrə istifadə edilmiş xarici dövlət borcu bu gün 7 milyard ABŞ dolları təşkil edir ki, bu da ümumi daxili məhsulun 18,1 faizinə bərabərdir. Layihədə limitin 4 milyard manat artırılması nəzərdə tutulur ki, bu da aşağıdakı məqsədlər üçün istifadə ediləcək. Beynəlxalq Fondun sağlamlaşdırılması üçün 2,4 milyard manat, 2 ədəd lokomotiv deposunun tikilməsi üçün Fransa İnkişaf Agentliyindən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə 112 milyon  avro həcmində nəzərdə tutulan kredit. Hər iki tədbir son dərəcə vacibdir. Çünki Beynəlxalq Fondun sağlamlaşdırılması bütövlükdə Azərbaycan iqtisadiyyatının inkişafı, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması, borc öhdəliklərinə görə Azərbaycanın tanınmış ölkələr içərisində qabaqcıl olması meylinin qorunub saxlanılması ilə bilavasitə əlaqədardır.
Hamımız nəqliyyat sektorundakı dəyişikliklərin şahidiyik. Qədim  İpək Yolunun Azərbaycanın inkişafında mühüm amil kimi qiymətləndirilməsi istiqamətində son illər ciddi addımlar atılıb. Cənab Prezidentin Çinə səfəri, qonşu ölkələrlə, Xəzəryanı ölkələrlə əməkdaşlıq münasibətlərinin gücləndirilməsi, yaxşılaşdırılması, Azərbaycanın dəmir yolu sistemində aparılan çox ciddi və uğurlu islahatlar tam əminliklə deməyə əsas verir ki, yaxın  vaxtlarda Azərbaycan dünyanın inkişaf etmiş tranzit ölkələrindən birinə çevriləcək. Biz hamımız şahidiyik ki, dəmir yolu geridə qalmış bir sahə idi, borclanma içərisində çapalayırdı. Amma bu gün bu istiqamətdə irimiqyaslı tədbirlər həyata keçirilir ki, qonşu ölkələr Azərbaycanın bu nəqliyyat dəhlizindən də səmərəli istifadə etsinlər. Yəni dəqiqləşdirmənin ən pozitiv cəhətlərindən biri bundan ibarətdir.
Bütövlükdə, hörmətli millət vəkilləri, dəqiqləşdirmədə diqqəti cəlb edən məsələlərdən biri də büdcə kəsirinin 1 faizdən 1,8 faizə artırılmasıdır. Bizim komitənin üzvləri də bu fikirlə razılaşdılar ki, büdcə kəsirinin artırılması obyektiv zərurətdir. Dünyanın əksər ölkələrində, hətta büdcə kəsirinin inkişaf səviyyəsi, yüksək olan ölkələrdə də büdcə kəsirinin 2 faizə, 3 faizə qədər olması nəzərdə tutulur. Çünki iqtisadi fəallığı artırmaq üçün bu ən vacib amillərdən biridir.
Maliyyə Nazirliyinin verdiyi məlumata görə dəqiqləşdirilmiş büdcə kəsiri təxminən  1,2 milyard manat olacaq ki, bu da reallığa uyğundur. Heç şübhəsiz ki, büdcə kəsirinin 500 milyona qədər artırılması Azərbaycanda iqtisadi fəallığın artırılmasına bilavasitə xidmət edəcək. Ona görə arzu edərdik ki, ilin yekununda da büdcənin icrasını 1,8 faiz büdcə kəsiri ilə yekunlaşdıraq. Bütövlükdə hesab edirəm ki, təsdiq edilmiş büdcə kəsirinin özəlləşdirmədən daxilolmalar, dövlət büdcəsinin vahid xəzinə qalığı hesabına maliyyələşdirilməsi məqsədəuyğun haldır.
Oqtay müəllim, komitədə də vurğulandı ki, Azərbaycan hökuməti, Azərbaycanın iqtisadi strukturları, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, İqtisadiyyat Nazirliyi ölkədə iqtisadi fəallığın artırılması üçün koordinasiya işini gücləndiriblər, bir sıra məsələlərin müştərək şəkildə həlli iqtisadi fəallığın artmasına, heç şübhəsiz ki, imkan verəcək. Yekun olaraq onu bildirmək istərdim ki, artıq 2017-ci ilin büdcəsi gələcəkdə daha irimiqyaslı büdcə layihələrinin hazırlanması üçün tam əsas verir. Ən başlıca cəhət ondan ibarətdir ki, dəqiqləşdirilmiş büdcə bir daha sübut edir ki, Azərbaycan dövlətinin apardığı iqtisadi siyasət ölkənin milli maraqlarına, ilk növbədə xalqın maraqlarına cavab verir. Hesab edirəm ki, dəqiqləşdirilmiş büdcə layihəsini müsbət qiymətləndirmək olar və millət vəkillərindən qanun layihəsinə səs vermələrini xahiş edirəm.
Sədrlik edən. Çox sağ olun. Buyurun, hörmətli Samir müəllim.
S.Şərifov,  Azərbaycan Respublikasının maliyyə naziri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, xanımlar və cənablar! Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər edilməsi barədə qanun layihəsi Milli Məclisə təqdim olunmuşdur. Burada hörmətli Ziyad müəllimin məlumat verdiyi kimi, həmin layihə Milli Məclisin müvafiq komitəsində ətraflı müzakirə olunmuşdur. Təqdim olunmuş qanun layihəsində 2017-ci il üçün qəbul edilmiş dövlət və icmal büdcələrinin gəlir və xərclərinin artırılması, dövlət xarici borclanma limitinin yüksəldilməsi, habelə dövlət büdcəsinin bəzi xərclərinin optimallaşdırılması ilə bağlı düzəlişlərin edilməsi nəzərdə tutulur.
İcazə verin, sözü gedən düzəlişlərin maliyyə tutumu və əhatə istiqamətləri barədə məlumat verim. Dövlət büdcəsi xərclərinin 1 milyard 41 milyon manat məbləğində artırılması, əlavə olaraq təsdiq olunmuş dövlət büdcəsi xərclərinin 231 milyon manat məbləğində strukturunu dəyişdirib yenidən bölüşdürülməsi təklif olunur. Dövlət büdcəsi xərclərinin artırılması və yenidən bölüşdürülməsi aşağıdakı xərclər istiqamətləri üzrə nəzərdə tutulur. 32 milyon manatı ünvanlı dövlət sosial yardımının təyinatı üçün ehtiyac meyarı həddinin artırılması ilə bağlı xərclərə, 50 milyon manatı vətəndaşların yaşayış sahəsinə ehtiyaclarının güzəştli qaydada ödənilməsi ilə bağlı xərclərə, – söhbət sosial mənzillərin tikilməsi ilə bağlı dövlət başçısı tərəfindən irəli sürülən təşəbbüslə əlaqədardır, – 58 milyon manatı şəhər və rayonlarda yeni tikilmiş uşaq bağçalarının istismara verilməsi üçün tələb olunan xərclərə, – 14 şəhər və rayonumuzda yeni uşaq bağçaları tikilib istifadəyə verilib və onların maliyyələşdirilməsi üçün müvafiq maliyyə təminatının yaradılması vacibdir, – 250 milyon manatı 2016-cı il ərzində təbii qazın daxili bazarda maya dəyərindən aşağı qiymətə satılması ilə əlaqədar yaranmış zərərin örtülməsi ilə bağlı subsidiyanın ayrılmasına yönəldilib. 546 milyon manat vəsait isə lisenziyası ləğv olunmuş bankların əmanətçilərinə Əmanətlərin Sığortalanması Fondu tərəfindən ödənilməsi ilə əlaqədar fondun nizamnamə kapitalının artırılmasına yönəldiləcək. Bu vəsait hesabına fondun eyni məqsədə cəlb etdiyi kreditlərin bağlanması təmin ediləcəkdir.
Bu məsələ ilə bağlı Ziyad müəllim ətraflı məlumat verdi. Bu bir daha göstərir ki, Azərbaycan dövləti bank sektorunun sağlamlaşdırılması, möhkəmləndirilməsi və ən əsası isə əmanətçilərin hüquqlarının qorunması istiqamətində mühüm tədbirlər həyata keçirir. 170 milyon manat isə ölkədə bir sıra vacib infrastruktur layihələrinin həyata keçirilməsi ilə bağlı beynəlxalq maliyyə institutlarından cəlb olunmuş kreditlər üzrə Azərbaycan tərəfindən iştirak payının maliyyələşdirilməsinə yönəldiləcəkdir. Bu, əsasən, avtomobil yolları, dəmir yolları, elektrik paylayıcı şəbəkələri, su təchizatı və kanalizasiya sistemlərinin tikintisi, yenidən qurulması və buna oxşar infrastruktur layihələrin həyata keçirilməsi ilə bağlıdır. 29 milyon manat isə Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəliklərinin saxlanılması və xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqların tabeliyində yeni yaradılacaq ticarət nümayəndəliklərinin və mədəniyyət mərkəzlərinin fəaliyyətinin təşkili ilə bağlı xərclərin maliyyələşdirilməsinə yönəldiləcək. 25 milyon manat da məhkəmə qərarlarının icrası və İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan çap materiallarının hazırlanması ilə bağlı xərclərə, dövlət qulluğunun təkmilləşdirilməsi ilə bağlı xərclərə, Dövlət büdcəsinin Ehtiyat Fondunun artırılmasına və digər zəruri xərclərə yönəldiləcək. 36 milyon manatı respublika yol-nəqliyyat infrastrukturunun istismarı, bərpası, təmiri və yenidən qurulması məqsədi ilə “Avtomobil yolları” Məqsədli Büdcə Fonduna yönəldiləcək. 76 milyon manat isə büdcə təşkilatlarının bəzi büdcədənkənar xərclərinin artırılmasına istiqamətləndiriləcək.
Göründüyü kimi, xərclər üzrə təklif olunan dəyişikliklərin əksər hissəsi birbaşa və ya dolayısı ilə əhalinin maddi və sosial təminatı ilə bağlı xərclərin maliyyələşdirilməsinə yönəldiləcək. Bununla  təqdim olunmuş qanun layihəsində 2017-ci il dövlət büdcəsi xərcləri təsdiq olunmuş göstəricilərə nisbətən 6,2 faiz artırılaraq 17 milyard 941 milyon manata çatdırılır. Yuxarıda qeyd olunan xərclərin 231 milyon manatını 2017-ci il üçün təsdiq olunmuş dövlət büdcəsinin bəzi xərclərinin təyinatının dəyişdirilməsi hesabına, 511 milyon manatlıq  hissəsini isə  aşağıdakı 4 gəlir mənbəyi hesabına təmin etmək təklif olunur. 250 milyon manatı 2015-ci ilin nəticələrinə görə Mərkəzi Bankın əldə etdiyi mənfəətin dövlət büdcəsinə çatacaq sərbəst qalığın bir hissəsindən, 135 milyon manatı Vergilər Nazirliyinin qeyri-neft sektoru üzrə toplayacağı əlavə gəlirlərdən, 50 milyon manatı Dövlət Gömrük Komitəsinin toplayacağı əlavə gəlirlərdən, 76 milyon manatı isə qeyd etdiyim kimi, büdcə təşkilatlarının büdcədənkənar xərclərinin maliyyələşdirilməsi üçün həmin büdcə təşkilatlarının büdcədənkənar daxilolmaları hesabına təmin olunacaq. Artımlar nəzərə alınmaqla dövlət büdcəsinin gəlirləri 16 milyard 766 milyon manata çatacaqdır ki, bu da təsdiq olunmuş proqnoza nisbətən 3,1 faiz çoxdur. Düzəlişlər olduqdan sonra 2017-ci il üçün təsdiq olunmuş dövlət büdcəsinin kəsiri 645 milyon manata qarşı 1 milyard 175 milyon manata kimi artacaqdır ki, bu da cari ilin sonuna gözlənilən ümumi daxili məhsulun 1,8 faizi səviyyəsində olacaq. Dövlət büdcəsi kəsirinin əlavə 530 milyon manat məbləğində artımının örtülməsi üçün 2017-ci il yanvarın 1-i tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığından istifadə olunması nəzərdə tutulur. Dövlət büdcəsinin gəlir və xərclərinə ediləcək dəyişikliklərlə yanaşı, “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Qanunla təsdiq edilmiş xarici dövlət borclanmasının yuxarı xəttinin artırılması da nəzərdə tutulur. Yaranan zərurət, əsasən, Beynəlxalq Bankın sağlamlaşdırılması üzrə aparılan tədbirlər çərçivəsində bankın xarici və daxili kreditorları qarşısında xarici valyutada olan öhdəliklərinin Azərbaycan Respublikasının dövlət öhdəliklərinə daxil edilməsi ilə bağlıdır.
Bildiyiniz kimi, cari ilin may ayında Beynəlxalq Bankın menecmenti xüsusi olaraq cəlb olunmuş xarici maliyyə və hüquqi məsləhətçiləri ilə birlikdə “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xarici və daxili kreditorlar qarşısında olan öhdəliklərin tənzimlənməsi proqramını hazırlamış, həmin proqram Azərbaycan Respublikasının hökumətinə təqdim olunaraq razılaşdırılmışdır. Beynəlxalq Bankın ölkənin bank sektorunda və beynəlxalq maliyyə hesablaşmalarında mühüm yer tutduğunu nəzərə alaraq həmin öhdəliklərin Beynəlxalq Bankın balansından çıxarılaraq dövlət borcu kimi tanınması məqsədəuyğun hesab olunmuşdur. Bununla əlaqədar 2017-ci il üçün dövlət büdcəsinin təsdiq olunmuş xarici dövlət borclanmasının yuxarı hədd limitini 4 milyard manat artıraraq 4,5 milyard manat səviyyəsinə çatdırılması təklif olunur. Xarici valyutada borc öhdəliklərinin əhəmiyyətli dərəcədə azaldılması, heç şübhəsiz ki, Beynəlxalq Bankın sağlamlaşdırılması üzrə həyata keçirilən tədbirlərə əlavə təkan olacaq. Bankın etibarlılığının, uzunmüddətli maliyyə dayanıqlılığının təmin olunmasına və gələcəkdə özəlləşdirilməsinə müsbət töhfə verəcəkdir. Təklif olunan borclanma limiti üzrə düzəlişlərin dəstəklənməsi Beynəlxalq Bank tərəfindən kreditorlara təqdim olunmuş xarici valyuta öhdəliklərinin tənzimlənməsi proqramının qəbulundan sonra proqram üzrə səsvermənin cari ilin iyul ayında başa çatması gözlənilir. Xarici kreditorların xeyrinə beynəlxalq bazarlarda dövlət tərəfindən yuvarlaq olaraq 2,4 milyard ABŞ dolları həcmində orta və uzunmüddətli dövlət istiqrazlarının buraxılıb yerləşdirilməsinə şərait yaradılacaqdır. Bu tədbirlərin keçirilməsi dövlət xarici borcumuzun həcmini artırsa da, zənnimcə, Azərbaycan dövlətinin beynəlxalq kredit reytinqinə mənfi təsir göstərməyəcək. Əksinə, xaricdə müsbət qarşılanacaqdır. 2017-ci ilin dövlət büdcəsinə təklif olunan düzəlişlərlə bağlı icmal büdcəyə də təklif olunan texniki düzəlişlər qanun layihəsində öz əksini tapmışdır.
Hörmətli millət vəkilləri, 2017-ci il dövlət büdcəsinə təqdim olunan dəyişikliklərə dəstək verməyinizi və bununla əlaqədar “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsinin qəbul edilməsinə səs verməyinizi xahiş edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Samir müəllim. Hesablama Palatası 30 səhifəlik rəy yazıb. Xahiş edirəm, Vüqar müəllim, bir az qısa danışın.
V.Gülməmmədov, Azərbaycan Respublikası Hesablama Palatasının sədri.
Hörmətli Sədr, hörmətli millət vəkilləri, hörmətli qonaqlar! “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər edilməsi barədə qanun layihəsinə “Büdcə sistemi haqqında” Qanunun 23.6-cı maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Hesablama Palatası rəy hazırlamış və hörmətli millət vəkillərinə təqdim etmişdir. İlk olaraq qeyd edim ki, qanun layihəsi “Büdcə sistemi haqqında” Qanunun 23.2-ci və 23.3-cü maddələrinin tələbləri əsasında hazırlanmışdır. Qanunun 23.7-ci maddəsinin tələblərinə əsasən sənədlər hazırlanaraq büdcə zərfi Milli Məclisə və Hesablama Palatasına təqdim edilmişdir.
Hörmətli millət vəkili Ziyad müəllim və hörmətli maliyyə naziri bu dəyişikliklər haqqında çox geniş məlumat verdilər. Büdcə paketinin və Hesablama Palatasının rəyinin sizlərə təqdim edildiyini nəzərə alaraq mən çox qısa şəkildə bəzi əlavə olunan dəyişikliklər haqqında öz mülahizələrimi bildirmək istərdim. Qeyd edim ki, dəyişiklik edilən məbləğ dövlət büdcəsinin 3,1 faizidir. Bu dəyişikliyin 48,9 faizi Mərkəzi Bankın 2015-ci maliyyə ilinin nəticələrinə görə reallaşmış mənfəətinin təqribən 6 faizidir. 26,4 faizi isə beynəlxalq maliyyə kredit qurumları ilə birgə həyata keçirilən layihələrdə Azərbaycan tərəfinin iştirak payıdır. Bu, eyni zamanda, dövlət büdcəsinin xərc hissəsində də var. Təqribən 10 faizi qeyri-neft daxilolmalarından və 14,8 faizi isə büdcədənkənar gəlirlər hesabına formalaşan əlavə gəlirdir. Xərclər isə təqribən bundan iki dəfə artıq, 6,2 faizdir. Xərclərin ümumi məbləği 1 milyard 41 milyondur. Büdcə daxilində blok xərclərinin içərisində aparılan 230 milyona yaxın dəyişiklikləri də nəzərə almaqla xərc hissəsində təqribən 1 milyard 270 milyon manat həcmində dəyişiklik gözlənilir. Bu dəyişikliyin təqribən 64 faizə yaxını ilkin büdcə layihəsində olmayan xərclərdən ibarətdir. Dəyişikliklərin təqribən 40 faizi təklif olunan gəlirlər hesabına, 18 faizi büdcə daxilində aparılan dəyişikliklər hesabına, 42 faizi isə vahid xərclər hesabının qalığı hesabınadır. Təklif olunan xərclərin təklif olunan gəlirlərdən artıq olması hesabına büdcə kəsirinin artması gözlənilir.
Eyni zamanda, qeyd edim ki, dövlət büdcə kəsirinin artmasına baxmayaraq, icmal büdcənin kəsiri əhəmiyyətli dərəcədə azalır. Kəsr ayrıca maliyyələşmə mənbəyi olaraq makroiqtisadi proseslərə təsir edən mühüm bir indekatordur. Bu əsasda icmal büdcənin kəsirinin azalması hökumətin büdcə tarazlığı sahəsində atdığı mühüm bir addımdır. Hesablama Palatası dövlət büdcə xərcləri ilə bağlı təklif olunan layihəyə dair təqdim etdiyi rəyində tövsiyələrini bildirmişdir. Bu tövsiyələr, əsasən, təklif olunan xərclərin ünvanlığı və təyinatı gözlənilməklə planlaşdırılması və yeni tələb olunan xərclərin əsaslandırılmasında dəqiqləşmələrin aparılması ilə bağlı tövsiyələrdir.
Hörmətli millət vəkilləri, Hesablama Palatasının kollegiyası 2017-ci ilin dövlət büdcəsinin qanun layihəsinə təklif olunan düzəlişlərin vacibliyini və burada nəzərdə tutulan xərclərin əhəmiyyətini nəzərə alaraq müsbət rəy vermişdir. Xahiş edirəm, bunu nəzərə alasınız. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Birinci, xahiş edirəm, çıxışları 5 dəqiqə edək. İkinci, siyahıya baxıram, yazılan həmkarlarımızın 50 faizi İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləridir. Bu, büdcə müzakirəsi deyil, dəyişikliklərdir. Xahiş edirəm, bir az qısa və konkret olaq. Buyursun Vahid Əhmədov.
V.Əhmədov. Çox sağ olun, cənab Sədr. Hörmətli millət vəkilləri, hörmətli qonaqlar və hökumət üzvləri! Əlbəttə, Milli Məclisə daxil olan rəqəmlər, dövlət büdcəsinə dəyişikliklər çox müsbət haldır, çünki artımdan söhbət gedir. Dünya iqtisadiyyatında baş verən təlatümlər, iri dövlətlərin dövlət borclarının kəskin artması fonunda Azərbaycan iqtisadiyyatındakı müsbət addımlar, əlbəttə, yüksək qiymətləndirilir. Büdcənin gəlir hissəsinə haradasa 511 milyon manat, xərc hissəsinə isə 1 milyard manata yaxın dəyişiklik edilir. Bu da, əsasən, maliyyə nazirinin qeyd etdiyi kimi, Mərkəzi Bankın 2015-ci ildəki mənfəətindən 250 milyon manat, Vergilər Nazirliyinin xətti ilə 135 milyon manat, Gömrük Komitəsindən 50 milyon manat, büdcədənkənar gəlirlər hesabına isə 76 milyon manat deməkdir. Ən diqqət çəkən məqamlardan biri ondan ibarətdir ki, Vergilər Nazirliyinin xətti ilə yığılan vergilər, əsasən, qeyri-neft sektorundakı artım ilə əlaqədardır. Yəni 2,4 faiz artımın olması çox müsbət haldır. Büdcədənkənar vəsaitlər isə, əsasən, maliyyə sanksiyaları hesabınadır. Biz son vaxtlar Milli Məclisdə çox ciddi qanunlar qəbul etmişik. Bu onun hesabına formalaşır. Büdcənin xərc hissəsi üçün bayaq qeyd etdiyim kimi, 1 milyard manata yaxın vəsait nəzərdə tutulur. Bunun da, əsasən, 855 milyon manatı kənar xərclər, 155 milyon manatı isə əsaslı xərclərdir. Xərc hissəsinə diqqət etsək, görərik ki, xərclər sosial yönümlü xərclərdir. Yəni biz güzəştli mənzil tikilməsi üçün, uşaq bağçalarının saxlanması üçün əgər 2017-ci ilin dövlət büdcəsində 50 milyon manat vəsait nəzərdə tutmuşduqsa, indi 50 milyon manat vəsait də əlavə edilir.
Amma diqqət çəkən bir sıra məqamlar da var. Yəni biz qazın itkisi ilə əlaqədar haradasa 250 milyon manat vəsait nəzərdə tuturuq. Əmanətlərin Sığortalanması Fonduna 546 milyon manat, əsaslı vəsait qoyuluşuna isə cəmi 91 milyon manat vəsait nəzərdə tutulur. Dövlət Neft Şirkətinə qazın qiymətinin artırılması ilə əlaqədar vəsaitin ayrılması sosial layihə olduğu üçün cənab Prezident tərəfindən atılan müsbət addımdır. Amma buna baxmayaraq, mən hesab edirəm ki,  qaz ilə əlaqədar itkilər həddindən artıq böyükdür və bu itkilərin qarşısı alınsa,  Dövlət Neft Şirkətinə əlavə vəsaitin ayrılmasına ehtiyac olmaz. Yaxşı olardı ki, tədbirlər planı işlənib hazırlansın və “Azəriqaz” İstehsalat Birliyi, ümumiyyətlə, itkilərin qarşısını alsın. Əmanətlərin Sığortalanması Fonduna biz 546 milyon manat vəsait ayırırıq. Bu da sosial layihədir. Çünki insanların əmanətinin qorunub saxlanması üçün bu çox ciddi bir vəsaitdir. Amma bank sisteminə nəzarət yüksək səviyyədə olmadığı, vaxtında bank sisteminin sağlamlaşdırılmasına atılan addımlar çox kiçik olduğu üçün biz bu gün məcburuq ki, dövlət büdcəsindən bank sisteminə vəsait ayıraq ki, əmanətlər sığortalansın. Bizim üçün ən önəmli  olan əsaslı vəsait qoyuluşu idi, ona da cəmi 191 milyon manat artırıldı. Əsaslı vəsait qoyuluşunun artırılması bizim üçün vacib idi ki, 2018–2019-cu illərdə də iqtisadi inkişafa nail ola bilək.
Burada qeyd edildi, bu, Beynəlxalq Bank ilə əlaqədar olaraq  hamımızın diqqətində olan məsələlərdən biridir. Avrobondların emissiyası ilə əlaqədar olaraq haradasa 4 milyard manata yaxın əlavə vəsaitin  dövlət büdcəsindən ayrılması. Bu da başa düşülən məsələdir. Azərbaycanın imicinin qorunub saxlanması üçün dövlət borcu hesabına əlavə 2,4 milyard dollar vəsaitin Beynəlxalq Banka ayrılması başa düşüləndir.
Mən bir neçə məsələyə də fikir bildirmək istəyirəm. Son vaxtlar Azərbaycanda xüsusilə 2017-ci ildə pul-kredit siyasətində çox ciddi addımlar atılıb. Yəni pul kütləsi üzərində nəzarət mexanizmi  gücləndirilib. Bunu  müsbət hal kimi  qiymətləndirirəm, amma bir şeyi də nəzərə almaq lazımdır ki, əgər biz Azərbaycanda 2017–2018-ci illərdə də iqtisadi inkişafı görmək istəyiriksə, bu sektora vəsaitin ayrılmasını həmişə diqqətdə saxlamaq lazımdır. Düzdür, bank sisteminin sağlamlaşdırılması bu dəqiqə Azərbaycan üçün ən önəmli məsələlərdən biridir. Amma pul qıtlığının yaradılması qəbul edilən deyil. Ona  görə də real sektorun inkişafına vəsaitin ayrılmasına diqqət yetirmək lazımdır. Ümumi götürəndə, cənab Sədr, mən belə hesab edirəm ki, dövlət büdcəsinə edilən dəyişikliklər müsbət haldır. Mən buna səs verəcəyəm və millət vəkillərini də səs verməyə çağırıram. Sağ olun.
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Təşəkkür edirəm, cənab Sədr.  Mən də başa düşürəm ki, bu dəyişikliklər hansı ehtiyaclardan qaynaqlanır. Xüsusilə də müsbət haldır ki, respublikanın şəhər və rayonlarında yeni tikilmiş uşaq bağçalarının istismara verilməsi ilə bağlı maliyyə təminatının yaradılması, uşaq texniki yaradıcılıq mərkəzlərinin, ilk peşə ixtisas təhsili müəssisələrinin saxlanması xərclərinin və bir sıra digər zəruri xərclərin tənzimlənməsi üçün ayrılan vəsaitlər çox müsbətdir, yəni tərəfimizdən müsbət qiymətləndirilir. Eyni zamanda, ehtiyac meyarının 105 manatdan 116 manata qaldırılması da insanlarımız tərəfindən təqdir olunur.
Mən burada məndən öncə çıxış edən həmkarım Vahid müəllimin dediyi fikirlərlə də razıyam, yəni onun fikirlərinə qoşuluram. Hesab edirəm ki, “Azəriqaz”da olan həmin o itkilərin aradan qaldırılması üçün, – əvvəllər də mən bu məsələləri qaldırmışam, – hökumət, nəhayət ki, bu strukturların özəlləşdirilməsi barədə düşünməlidir. Biz bunu nə qədər tez etsək, bir o qədər xərclərimizi azaldacağıq və bu sahədə nizam-intizamı gücləndirmiş olacağıq.
Bundan başqa qeyd olunur ki, əsaslı xərclərə ayrılan vəsait ümumi xərclərin 30,1 faizini, təqribən 5 milyard 392 milyonunu təşkil edir və biz 185 milyon manatı da əlavə edirik. Nəzərə alsaq ki, gələn il  bizim müstəqil Azərbaycan dövlətinin yaradılmasında, müstəqilliyinin bərpa olunmasında, onun qorunub saxlanılmasında xidmətləri olmuş 2 tarixi şəxsiyyətin, bizim eks-prezidentlərimiz Əbülfəz Elçibəyin 80 yaşı,  Heydər Əliyevin isə 95 illiyi qeyd olunacaq, bundan 1 il sonra isə Rəsulzadənin 135 illiyi gəlir, mən nə təklif etmək istəyirəm?
Vaxtilə, 1850-ci ildə Fransa parlamentində təhsil haqqında   qanun qəbul olunanda Viktor Hüqo deyib ki, təhsilə pul ayırmaq, yəni maarifçilik üçün vəsait ayırmaq elə qurmaq deməkdir, yaratmaq deməkdir. Yəni mən keçən iclaslarda da söyləmişdim ki, Azərbaycanda universitetlərin sayına görə biz qonşu ölkələrlə müqayisədə 2,5–2,7 dəfə  geri qalırıq. Tələbələrin və alimlərin sayına görə   isə daha çox geri qalırıq. Bunu aradan qaldırmaq üçün söylədiyim hər 3 tarixi şəxsiyyətin adına yeni universitetlər aça bilərik. Bu çox müsbət olar. Həm onların ruhu şad olar, həm də ki, Azərbaycanda yeni ali məktəblər yaratmış olarıq. Əlbəttə, mən bilirəm, Yeni Azərbaycan Partiyasından olan bəzi həmkarlarımız Əbülfəz Elçibəyə münasibətdə fərqli düşünürlər. Amma onu nəzərə almaq lazımdır ki, milli birliyə yol açacaq belə bir qərarın qəbul olunması çox zəruridir. Əvvəla, mərhum prezidentimiz Heydər Əliyev Əbülfəz Elçibəyin dəfn mərasiminə qatılmaqla ona öz  hörmət və ehtiramını bildirib. Eynilə də ölkənin ağır günlərində ölkəni fəlakətdən  qurtarmaq üçün Heydər Əliyevi Bakıya dəvət etməklə Əbülfəz Elçibəy də Heydər Əliyevə öz tarixi münasibətini ifadə edib. Zaman onsuz da bunun qiymətini verəcək, amma bizlər bunu nə qədər tez etsək, bu, ümumi cəmiyyətimizin xeyrinə olmuş olardı.
Mən sonda Samir müəllimdən bir məsələni soruşmaq istəyirəm. Hörmətli Samir müəllim, mən Sizin cəhdlərinizi, gördüyünüz işləri qiymətləndirirəm. Amma  bir məsələ mənim üçün qaranlıq qaldı. Burada qeyd olundu ki, Vergilər Nazirliyi üçün cərimə və sanksiyalar üzrə proqnozun 50 milyon manat artırılması nəzərdə tutulur. Bu da onunla əsaslandırılır ki, nağd əməliyyatlar məhdudlaşdırılır, elektron qaimələr tətbiq ediləcək və sair. Bunun da nəticəsində  qanunvericiliyi pozan şəxslər cərimə olunacaq. Bəlkə vergi intizamının gücləndirilməsi buna gətirib çıxaracaq ki, insanlar, ümumiyyətlə, qanunları pozmayacaqlar. Əvvəlcədən necə müəyyənləşdirmək olar ki, nə qədər adam vergi qanunvericiliyini pozacaq və onlardan nə qədər cərimə tutulacaq? Bu gömrük rüsumu deyil ki, ölkənin tələbatı, ölkədəki ixrac potensialı, əhalinin alıcılıq qabiliyyəti nəzərə alınsın və təqribən qiymətləndirilsin ki, nə qədər rüsum toplamaq mümkün olacaq. Bunun bir izahı olmalıdır. İzahı olmalıdır ki, nəyin əsasında biz bu qənaətə gəlmişik ki, insanlar qanunu pozacaqlar...

Azərbaycan Respublikası  Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Sağ olun. Əli Məsimli.
Ə.Məsimli. Çox sağ olun. 2017-ci il büdcəsinə yenidən baxılması cənab nazirin və Hesablama Palatası rəhbərinin çıxışında geniş formada öz əksini tapdı. Orada qaldırılan bütün məsələlərlə razıyam, amma gələcəkdə bu gün vəsait ayırdığımız bir sıra istiqamətlərdə anlaşılmaz məqamlar olmasın deyə, bəzi fikirlərimi qeyd etmək istəyirəm.
Birinci məqam ondan ibarətdir ki, bu gün bütün iqtisadi mənbələr, o cümlədən büdcə Azərbaycanda kosmik dövrün problemlərinin həllinə yönəlməlidir. Amma çox təəssüflər olsun  ki, biz bu gün büdcəyə yenidən baxanda oraya əlavə vəsaitləri cəlb edən zaman neft dövründən qalmış bir sıra problemlərin həllinə vəsait ayırmalı oluruq. Bu xoşdan yox, həqiqətən, zəruri olan bir şeydir. Amma biz bunu  adət formasına salsaq, məsələn, biz büdcəni 530 milyon manat artırırıq və həmin 530 milyon manatı artıqlaması ilə, 546 milyon manat hesabı ilə 11 bankın lisenziyasının alınması nəticəsində vətəndaşlar qarşısında öhdəliyini ödəmək üçün büdcədən ona vəsait yönəldirik. Bu, gələcəkdə banklarda arxayınçılıq yaratmasın deyə, burada bir sıra mexanizmlərin qurulmasını vacib hesab edirəm. Yəni bankların lisenziya almaq vəziyyətinə gəlib çıxması yaxşıdır, yoxsa həmin bankların düşdüyü vəziyyətdən çıxması üçün əlavə tədbirlərin görülməsi?
Mən hesab edirəm ki, ikinci variant daha yaxşı olar. Bunun üçün dollarla olan kreditlərdə güzəştlərin edilməsi mexanizmi yaradılmalı, Konstitusiya Məhkəməsinin  2015-ci il may qərarına yenidən baxılmalıdır, çünki burada balansların mütləq uyğunlaşdırılması istiqamətində addımlar atılmalıdır.
Üçüncü, yeni dövrün tələblərinə cavab verən bankları saxlamaqla yeni 2 bankın yaradılması vacibdir, bu banklar Aqrar Sənaye Bankı və İnnovasiyalı İnkişaf Bankı ola bilər.
Eyni zamanda, 2004-cü ildə Azərbaycan Prezidentinin Bank Məcəlləsi qəbul etmək barəsində tapşırığı var idi. 2014-cü ildə bu tapşırıq yenidən təkrar olunub. Birinci dəfə 2 ay müddət verildi, ikinci dəfə 6 ay müddət verildi. Amma çox təəssüflər olsun ki, Azərbaycan Prezidentinin bu vacib tapşırığı hələ də yerinə yetirilməyib. Bu yerinə yetirilsə, hesab edirəm ki, banklarda şəffaflığın yaradılması, digər tərəfdən isə bankların istehsalla əlaqəsinin yaradılması, banklarda rəqabət məsələsinin olması beynəlxalq  bir monstrın əmələ gəlməsinin qarşısını alardı. Ona görə  yaxşı olar ki, həmin məcəllənin qəbulu sürətləndirilsin.
İkinci, dövlətin bilavasitə zəmanəti ilə dövlət müəssi-ələri vəsait alır. Hesab edirəm ki, hansı dövlət müəssisələri yaxşı işləyirlərsə, həmin vəsaiti qaytarmaq qabiliyyətinə malikdirlərsə, onlar təşviqləndirilməlidirlər. Hansılar pis işləyirlərsə, hansılar onu qaytarmayacaqlarsa, onlar ya yenidən qurulmalı, ya islah olunmalı, ya da onların özəlləşdirilməsi istiqamətində addımlar atılmalıdır ki, dövlətə ağır yük olmasınlar.
Bir vaxtlar əgər xarici borca büdcədən 50 min, 60 min vəsait ayırırdıqsa, son 2 ildə 1,7, indi isə 1,6 milyard manat vəsait ayırırıq. Düzdür, bu, kritik həddən 2,5  dəfə aşağı olsa da, amma yeni borclar gələndə, Azərbaycan üçün ümumi daxili məhsulun 35 faizi kritik hədd kimi götürüləndə ona yaxınlaşma gedə bilər. Ona görə yaxşı olar ki, dövlət zəmanəti ilə  alınan həmin xarici kreditlər üzərində Milli Məclisin, Azərbaycan parlamentinin nəzarət funksiyası gücləndirilsin. Bu, hesab edirəm ki, ümumi işin xeyrinə olan  çox vacib bir məsələdir. Həmin məsələni həyata keçirmək lazımdır.
İkinci məsələ ondan ibarətdir ki, bu gün bankların dövriyyədəki pulu ümumi daxili məhsulun 13 faizi səviyyəsindədir. Bu da Azərbaycan iqtisadiyyatını ləngidir. Yaxşı olmazmı ki, bu gün belə bir iş görülsün. Mərkəzi Bank deyir ki, Azərbaycanda orta faiz dərəcəsi 12 faizdir. Əgər 12 faizdirsə, deməli, iqtisadi məsələlərlə məşğul olan qurumlar fikirləşməlidirlər ki, iqtisadi fəallığı artırmaq üçün həmin 12 faizə kredit verilsin, onun 6 faizini bilavasitə vətəndaş ödəsin, yaxud da sahibkar ödəsin. 6 faizini isə büdcə öz üzərinə götürməklə o istiqamətdə yalnız 10 faiz kredit versə, həmin bankın 15 milyard manatlıq  kreditlərini  1,5...
Sədrlik edən. Sağ olun. Fərəc Quliyev.
F.Quliyev. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Bu dəyişikliklərdən də görünür ki, ölkə iqtisadiyyatında  ciddi şəkildə son vaxtlar bütün çətinliklərə baxmayaraq, irəliləyişlər var. İxracın artması çox təqdirəlayiq haldır. Qeyri-neft sektorunda  dirçəliş də hiss olunur və hesab edirəm ki,  payızda bu dirçəliş öz  nəticələrini göstərəcəkdir. Xüsusilə aqrar sahədə biz bunun şahidi olacağıq.
Prezidentin müəyyənləşdirdiyi yol xəritəsi uğurla inkişaf edir. Amma bəzi məsələlərə mən öz münasibətimi bildirmək istəyirəm. Ehtiyac meyarı ilə bağlı olaraq həddin artırılması təqdirəlayiqdir. Amma göründüyü kimi, bu, hesabatda da var, 2017-ci ilin müvafiq dövrü ilə müqayisə var. Burada istehlak məhsulları və xidmətlərinin qiymətləri 13 faiz artıbdır. O cümlədən, ərzaq məhsullarının qiyməti 18 faiz, qeyri-ərzaq məhsullarının qiyməti 12 faiz, əhaliyə göstərilən ödənişli xidmətin qiyməti 9 faiz artıbdır. Buna görə də ehtiyac meyarı həddinin bir az da artırılması, məncə, yerinə düşərdi.  Yenə də burada işlətməyə verilməsi mümkün olan sektorlara, xüsusilə su, kommunal təsərrüfatla  bağlı olan sektorlara  böyük vəsaitin ayrılması məntiqə uyğun deyil. Bu məsələyə biz dəfələrlə toxunmuşuq. Mənim həmkarlarım da bu məsələləri qaldırdılar. Bu özəlləşdirmə məsələsi ilə bağlı olan  vəsaitlərin onlardan alınması və digər zəruri sahələrə yönəldilməsi, məncə, daha uyğun olardı.
Başqa bir məsələ ilə bağlı. Burada həm  maliyyə naziri, həm də Ziyad müəllim bu məsələyə toxundu. Bank-maliyyə sistemində dayanaqlığın təmin  olunması və ölkənin xarici və daxili borc təzminatları ilə bağlı olaraq  bu dəyişikliklərə əl atılıbdır. Kreditlərin götürülməsi ilə bağlı olaraq mən burada bir məsələyə toxunmaq istəyirəm. Azərbaycan çox böyük kreditlər götürür və demək olar ki, adambaşına borcumuz 713 dollar olubdur. Burada Beynəlxalq Bankın dayanıqlığı, yaxud da onun götürdüyü öhdəliklərin bağlanması ilə bağlı məsələ qaldırılıb. Belə çıxır ki, bir qrup adam Beynəlxalq Bankdan avantürist layihələr üçün vəsait  götürməlidir, xərcləməlidir, bütün əhali də onun ağırlığını çəkməlidir. Mən hesab edirəm ki, götürülmüş kreditlərin geri qaytarılması ilə bağlı çox ciddi şəkildə tədbirlərin görülməsi vacibdir. Əgər bu olmasa, biz xaricdən borc götürəcəyik və 10 il sonra o borcların qaytarılması əhalinin üzərində yük olaraq  qalacaq.
Burada, 4-cü bölümdə diplomatik korpusa yönələn vəsaitlərin artırılması ilə bağlı bənd var idi. Yeri gəlmişkən, bildirmək istəyirəm ki, biz Moldovada AVRONEST-in iclasında iştirak edəndə səfirliyimizdə də olduq. Səfirliyin binası çox uğursuz bir yerdədir, özü də saxlanması çox böyük bir rəqəmlə ifadə olunur. Hər tərəfdən mühafizə olunan divarlar əvəzinə, demək olar ki, qonşuların pəncərələrinə baxılır. Burada təsəvvür edin ki, 2-ci, 3-cü, 4-cü mərtəbələrdə ermənilər ofislər götürüblər. Birmənalı şəkildə bizim səfirliyin həyətini müşahidə edirlər.  Ona görə mən müvafiq orqanlara çağırış etmək istəyirəm ki, mümkünsə, binanın dəyişdirilməsi ilə bağlı tədbir görmək lazımdır. Orada ən azından heç bir qaydaya sığmayan şərait var. Mən diplomatik korpusun nümayəndələri ilə də söhbət etdim. Çox ciddi şəkildə məsələdən narahatçılıqlarını bildirdilər. Ona görə də mən bu məsələni Xarici İşlər Nazirliyinin, yaxud da müvafiq qurumların diqqətinə  çatdırmaq istərdim.
Burada bizim həmkarlar məsələ qaldırdılar, mən keçən dəfə də büdcə müzakirə olunanda bu məsələyə toxunmuşdum.  100 milyona qədər vergi ödəmələrinin cərimələrindən daxil olması nəzərdə tutulmuşdu. 2 milyona qədər də yol hərəkəti qaydalarının pozulması ilə bağlı olan daxilolmalar nəzərdə tutulmuşdu. Yenə də bunlar saxlanılıb. Mən yenə də o məsələyə qayıdıram. Bizim hörmətli həmkarımız da bu məsələyə toxundu. Bəlkə bu il yol hərəkəti qaydaları pozulmadı, hər kəs intizamlı sürücü oldu və yaxud da vergi ödəyiciləri intizamlı oldular və bunların heç biri olmadı. Ona görə  bu cür xərcləri nəzərdə tutmaqdansa, daha çox əvvəl toxunduğum şərtlərlə real olan yerlərdən vəsaitin  təmin olunmasına əl atmaq lazımdır. Mülkiyyət  hüququnu dövlət özündə saxlamaq şərti ilə işlətməyə verilməsi mümkün olan sektorlardan bu vəsaitləri götürmək daha doğru olardı. Təşəkkür edirəm.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Çox sağ olun. Tahir Kərimli.
T.Kərimli. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli  həmkarlar, hörmətli icra hakimiyyətinin nümayəndələri! Biz həm komitə iclasında, həm də plenar iclasda ehtimal  və ümid etmişdik ki, büdcəyə yenidən baxılacaq və dəyişiklik olunacaq. Ancaq müəyyən narahatlığımı ifadə etmək məcburiyyətindəyəm. Çünki bəzən  buraya qanun layihələri gələndə Milli Məclisə ali qanunvericilik orqanı kimi nə qədər sözdə hörmət  etsələr də, işdə bəzən bizə mexaniki oliqarx kimi baxırlar. İstənilən vaxt istənilən dəyişiklik edilir. Bunu nə üçün deyirəm? Büdcə  müzakirə olunanda biz deputatlar büdcə kəsirinin dünya təcrübəsində zəruri olduğunu qeyd etmişdik.
Bu gün də hörmətli  Ziyad müəllim  büdcə kəsirinin əhəmiyyəti, başqa dövlətlərdə bunun hesabına bir sıra sosial proqramların və xərclərin iqtisadi tənzim edilməsi barədə qeyd etdi. Ona görə də təşəkkür edirəm. Biz o nöqteyi-nəzərdən çıxış etmirik ki, deyək, biz o vaxt demişdik, niyə olmadı. Bundan çox uzağıq. Amma mən qorxuram ki, gələcəkdə bəzi dediklərimiz nəzərə alınmasın. Biz Hesablama Palatasının rəyindən də görürük ki, 3 halda büdcəyə yenidən baxmaq olur. Bu, birinci növbədə büdcə tərtib olunan zaman zəruri halların əvvəlcədən görülməməsidir, ikincisi, faktik daxilolmaların 30 faiz aşağı olmasıdır, üçüncüsü, xərclər və gəlirlər arasında balansın pozulmasıdır.
Büdcədə yenidən gəlirlər və xərclər hissəsinə baxılaraq müvafiq artımlar  olub. Amma mən bir sual vermək istəyirəm, məgər bu büdcə təsdiq olunanda bütün bunlar görünmürdümü? Deyək ki, dövlət bankından  250 milyon manatın ayrılmasını  və yaxud  büdcə qalığı hesabına kəsirin silinməsini görmək mümkün deyildimi? Mən təşəkkür edirəm, Maliyyə Bazarlarına Nəzarət Şurası, bankımız, vergi xidməti, gömrük xidməti yaxşı işləyir. Gəlirlər hissəsinə müvafiq artımlar olur. Amma dediyim kimi, ən böyük artımlar, əsasən, büdcə kəsirinin bağlanması ilə bağlı büdcə qalığından, dövlət bankından  və Vergilər Nazirliyindən olanlardır. Bunlar əhəmiyyətli dərəcədə əvvəldən görülə bilən hallardır. Ona görə biz burada təkid edirdik ki, bunu əvvəldən görmək lazımdır, artırmaq lazımdır, optimal büdcə kəsirinə getmək lazımdır və dünya dövlətlərindən, öz tariximizdən misallar da gətirmişdik ki, gələcəkdə bu hallar olmasın.
Bizim də özümüzə hörmət etməyi tələb etmək haqqımız var.  Elə nə gəldi etmək olmaz axı. Əvvəldən də görünürdü. Niyə biz 6 ay itirdik?  Niyə cəmiyyətimizdə 6 ay müddətində bizim büdcəmizlə bağlı mənfi söhbətlər getməli idi? Ona görə də mən bu işə daha çox diqqət edilməsini arzulayıram. Bəzən mən şükür edirəm, yaxşı ki, biz tamamilə bazar iqtisadiyyatına keçməmişik. Yoxsa əks halda Karl Marksın maliyyə sektoru ilə bağlı məşhur barmaq məsələsi işə düşərdi. Ona görə də  biz bu məsələyə həssas yanaşmalıyıq.
Xırda bir məsələni də qeyd etmək istərdim. Rayonların dotasiyası ilə bağlı narahatçılığım var. Məsələn, mənim təmsil olunduğum Ağsu rayonuna 3 milyona yaxın dotasiya nəzərdə tutulmasına baxmayaraq, hesab edirəm, nəinki bu rayona, digər rayonlara da bu kifayət deyil. Dünən  mən Ağsu, İsmayıllı rayonlarında olmuşam, yerli hakimiyyət rəhbərləri ilə söhbət etmişəm. Doğrudan da, bu, kifayət etməyən bir vəsaitdir. Eyni zamanda, cərimələrlə bağlı deyim. Yol polisi ilə bağlı dedik,  mexaniki olaraq hamını cərimə edirlər ki, daha çox cərimə  toplansın. Bu da müəyyən narahatçılıq törədir. Mən istəyirəm, bu məsələyə diqqət yetirilsin.
Ümumilikdə, dəyişikliklər çox müsbət haldır. Bu qənaətdəyəm ki, bizim üçün gələcəkdə də örnək olar, büdcələr təsdiq olunanda daha optimal, daha yaxşı şəkildə tərtib edərik, cəmiyyətimiz üçün, dövlətimiz üçün daha xeyirli  olar. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S.Novruzov.  Təşəkkür edirəm, hörmətli Sədr.  Mən də bu layihəyə səs verəcəyəm və hörmətli həmkarlarımı da səs verməyə çağırıram. Hesab edirəm ki, cənab Sədr, müzakirəyə geniş ehtiyac yoxdur. Bunu səsə qoyub qəbul edə bilərik. Ən əsas məsələ ondan ibarətdir ki, bu gün biz büdcəyə əlavələr edirik. Büdcədə kəsirimiz yoxdur. Bu əlavələr də sosial layihələrin həyata keçirilməsinə, modul tipli məktəblərin   və uşaq bağçalarının tikilməsinə yönəlir. Əhalinin qazla olan müəyyən kəsirinin aradan qaldırılmasını dövlət öz üzərinə götürür. Bütün bunların hamısı sosial layihələrdir, həyata keçirilir. Hesab edirəm ki, burada müzakirə ediləcək bir məsələ yoxdur. Biz bunu səs verib qəbul edə bilərik və bu bir nümunədir ki, başqa-başqa ölkələrdə iqtisadi böhran, digər böhranlar baş verdiyi bir zamanda Azərbaycan büdcəsinə yenidən əlavələr olunur. Bu da Azərbaycan dövlətinin apardığı düzgün iqtisadi siyasətin nəticəsi olaraq daxil olan gəlirlər hesabınadır. Bu gəlirlər artdıqca, əsası odur ki, biz şəffaflığın təmin olunması üçün büdcə vasitəsilə bu məsələlərin nəzarət altında həll olunması üçün addımlar atırıq. Ona görə də burada yenə deyirəm, müzakirəlik bir məsələ qalmayıb. Hesab edirəm ki, səsə qoyub qəbul edə bilərik.
Ancaq bir məsələyə toxunacağam. Hörmətli həmkarım Qüdrət müəllim burada məsələ qaldırdı. Təbii ki, Azərbaycan xalqının həyatında, tarixində, taleyində rolu olan insanların adları əbədiləşdirilməlidir. Amma bu, fərqli yanaşma olmalıdır. Yeni Azərbaycan Partiyasının üzvləri də əgər Azərbaycan tarixində xidməti olubsa, hər bir şəxsin xidmətini qiymətləndirir. Lakin Heydər Əliyev ilə digərləri müqayisə olunmazdır. Çünki Heydər Əliyevi birincisi,  hakimiyyətə Azərbaycan xalqı gətiribdir, Azərbaycan xalqı dəvət edibdir. Yəni kim isə öz xoşu ilə ümummilli lideri hakimiyyətə dəvət etməyibdir. Azərbaycanın düşdüyü ağır vəziyyətdə, çətinliklərin, xaosun, anarxiyanın, vətəndaş qarşıdurmasının, separatizmin baş qaldırdığı bir dövrdə ümummilli lider gəldi, Azərbaycanı xilas etdiyi kimi, bu gün müxalifətdə olan qüvvələri də xilas elədi. Tək elə ona görə  hər biri ümummilli liderə borcludur. Burada oturan yaşlı nəslin yəqin ki, yadındadır, biz gərək tarixi tez-tez təkrar edək. Azadlıq Meydanında Surət Hüseynovun dar ağacları qurulmuşdu və o dar ağaclarında kimlərin asılacağı bəlli idi. Məhz ümummilli lider, qeyd etdiyim kimi, bugünkü çiçəklənən Azərbaycanı xilas etdi və belə bir dövlət qurdu, həm də müxalifətdə olan digər şəxsləri, bugünkü Xalq Cəbhəsini, başqa-başqa partiyaları da Surət Hüseynovun dar ağaclarından xilas elədi. Ona görə də, bəli, ümummilli liderin adı əbədiləşdirilməlidir. Onun adına məktəb də olmalıdır, universitet də. Digər məsələlər də olmalıdır. Çünki xalqın ən ağır taleyüklü məsələsində həmişə sözünü deyən, addım atan Heydər Əliyev olub. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Təkid edən yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Rəşad Mahmudov.
R.Mahmudov. Hörmətli Sədr, möhtərəm qonaqlar, dəyərli həmkarlar! Mən də birmənalı olaraq bu qanun layihəsinə müsbət rəyimi bildirəcəyəm. Amma fürsətdən istifadə edərək, xüsusən bu gün dövlətimizin iqtisadi blokunun burada olmasından faydalanaraq 2017-ci il ilə əlaqəsi olmayan, gələcək illərdə mütləq nəzərdə tutulması lazım olan bir məsələni diqqətinizə çatdırmaq istəyirəm.
Bildiyiniz kimi, ölkəmizdə səhiyyə sahəsində ciddi islahatlar gedir. Bu il icbari tibbi sığortanın baş pilot layihəsinin işə başlamasının gələcəkdə səhiyyədə olan inkişafa və xalqın səhiyyədən xidmət alma keyfiyyətinin yüksəlməsinə böyük nailiyyətlər qazandıracağı indidən bəllidir. Mən 2017–2018-ci illərdə deyil, gələcək illər ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatının bütün dövlətlərə, xüsusən iqtisadi baxışın dəyişdirilməsi mövzusunda vermiş olduğu tövsiyələri diqqətinizə çatdırmaq istəyirəm.
Bu gün bilinən reallıq odur ki, Ümumdünya Səhiyyə Təşkilatı bütün dünyadakı səhiyyə sistemlərini araşdırdıqdan sonra belə bir nəticəyə gəlib ki, ümumi daxili məhsulun 5 faizindən daha aşağı səhiyyə büdcəsi olan ölkələrdə səhiyyə xidmətinin yüksək keyfiyyətindən söhbət gedə bilməz. Bu reallığı nəzərə alaraq bu gün  postsovet sisteminin bütün dövlətlərinə baxdığımız zaman, görürük ki, əslində, bütün ölkələrdə 1920-ci illərdən bu günə qədər davam edən problem hələ də davam eləməkdədir. Çünki Ümumdünya Səhiyyə Təşkilatının bu tövsiyəsinə hələ də tam şəkildə əməl olunmur. Bu da səhiyyənin inkişafında hansısa ləngimələrə səbəb ola bilir.
Bu gün birmənalı olaraq hamı qəbul edər ki, postsovet ölkələri içərisində hələ də insanlar öz sağlamlıqlarının və problemlərinin həlli üçün daha çox Avropa ölkələrinə üz tuturlar və bu məsələnin  hələ də davam eləməsi, əlbəttə, bizim hamımızı düşündürməlidir. Mən iqtisadi blokdan xahiş edərdim, əgər gələcək illərdə ümumi daxili məhsula uyğun bir şəkildə səhiyyə büdcəsi planlaması qurulmasa, 10 illər də keçsə, biz səhiyyədə xəyal etdiyimiz və bu gün cənab Prezidentimizin qarşımızda qoyduğu hədəflərə çatmaqda çətinlik çəkə bilərik. Mən bir daha diqqətinizə görə təşəkkür edirəm və fürsətdən istifadə edib hər kəsə gözəl yay istirahətləri arzulayıram. Sağ olun. 
Sədrlik edən. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirin.

Səsvermənin nəticələri (saat 13.35 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 91
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Hörmətli millət vəkilləri, mənim bir xahişim var. Bu gün  iqtisadi blokla əlaqədar Bolqarıstandan bizim qonaqlarımız var. Əgər etiraz eləmirsinizsə, iqtisadi blokda olan məsələləri əvvələ keçirək. “Reklam haqqında” Qanuna, “Dövlət rüsumu haqqında” Qanuna və eləcə də “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanuna və “Əmanətlərin sığortalanması haqqında” Qanuna dəyişikliklər barədə buyursun Ziyad Səmədzadə.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 20 iyun tarixli fərmanı ilə ölkə ərazisində açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, həmin reklam daşıyıcıları üzərində yerləşdirilməsi nəzərdə tutulan reklamların istehsalı və yayımlanması sahəsində vahid tənzimləməni və nəzarəti təmin etmək məqsədi ilə “Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi” publik hüquqi şəxs yaradılmışdır. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının qanun layihəsinin hazırlanmasında məqsəd həmin fərmana uyğun olaraq açıq məkanda reklamın təşkili, tənzimlənməsi və ona nəzarət məsələlərini tənzimləməkdən ibarətdir. Millət vəkillərindən bu qanun layihəsinə səs vermələrini xahiş edirəm.
Sədrlik edən. Ziyad müəllim, 2-ci qanun da onunla əlaqədardır. Dövlət rüsumu haqqında. Xahiş edirəm, onu da deyin, sonra ayrı-ayrılıqda səsə qoyarıq.
Z.Səmədzadə. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının qanun layihəsi “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsinə uyğun olaraq hazırlanmışdır və açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi üçün dövlət rüsumunun dərəcələrini, dövlət rüsumunun ödənilməsindən azadolmaları müəyyən edir. Qanun layihəsinə müsbət münasibət bildirməyinizi xahiş edirəm.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, birinci, 13-cü məsələyə, Reklam haqqında qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.38 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 93
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
14-cü məsələyə, Dövlət rüsumu haqqında qanun layihəsinə, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.38 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 90
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
15-ci və 16-cı məsələlər cənab Prezident tərəfindən bir məktubla göndərilib. “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunda dəyişikliklər edilməsi barədə. Buyurun, Ziyad müəllim.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının qanun layihəsi Mərkəzi Bankın İdarə Heyətinin qanunun 22.0.5-ci, 22.0.8-ci, 22.0.13-cü və 22.0.16-cı maddələrində nəzərdə tutulmuş səlahiyyətlərinin müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla həyata keçirilməsini təmin etmək məqsədi ilə hazırlanmışdır. Millət vəkil-lərindən qanun layihəsinə müsbət münasibət bildirmələrini xahiş edirəm.
Əmanətlərin Sığortalanması Fondu əmanətlərin sığortalanması məqsədləri üçün yaradılmışdır. Onun ali idarəetmə orqanı Himayəçilik Şurasıdır. Təklif olunan qanun layihəsinin hazırlanmasında məqsəd Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının tərkibində və səlahiyyətlərinin həyata keçirilməsində, eləcə də icraçı direktorun vəzifəyə təyin və azad olunmasında müvafiq icra hakimiyyəti orqanının fəaliyyətinin təmin edilməsindən ibarətdir. Millət vəkillərindən bu qanun layihəsinə də müsbət münasibət bildirmələrini xahiş edərdim.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, 15-ci məsələyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.40 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 95
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
16-cı məsələyə münasibət bildirin.

Səsvermənin nəticələri (saat 13.41 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 90
Nəticə: Qəbul edildi

Qəbul edildi, çox sağ olun.
Rizvan müəllim, çox sağ olun, suallar olmadı. Buyurun, gedə bilərsiniz.
Gündəliyin 8-ci məsələsi Azərbaycan Respublikasının Su Məcəlləsində dəyişikliklər edilməsi barədədir. Buyursun Valeh Ələsgərov.
V.Ələsgərov, Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri.
Təşəkkür edirəm, cənab Sədr. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq məktubu ilə Milli Məclisin müzakirəsinə Azərbaycan Respublikasının Su Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının qanun layihəsi təqdim olunub. Təklif olunan dəyişikliklər nədən ibarətdir? 18-ci maddəyə, “Su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində dövlətin vəzifələri” adlanan maddəyə sonda yeni bir abzas əlavə edilir. “Su obyektlərində sudan ödənişli istifadənin təyinatlarını müəyyən etmək”. 21-ci maddə üzrə son cümlədə “su təsərrüfatı balansları respublika, su hövzələri və inzibati ərazi vahidləri üzrə müvafiq icra hakimiyyəti orqanları tərəfindən tərtib edilir” yazılmışdı. İndi təklif edilir ki, “müvafiq icra hakimiyyəti orqanları” sözlərindən sonra “və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada” sözləri əlavə edilsin. Bu maddəyə sonuncu bir abzas da təklif edilir. “Tərtib edilən respublika üzrə illik su təsərrüfatı balansının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir”.
Bundan başqa, 96-cı maddənin 2-ci abzasında və 97-ci maddənin adında, 1-ci, 2-ci və 4-cü hissələrdə “pullu” sözü “ödənişli” sözü ilə əvəz edilir. Misal üçün, “Su obyektlərinin istifadəsi və mühafizəsi tədbirlərinin iqtisadi tənzimlənməsinin prinsipləri” adlanan 96-cı maddədə su obyektlərinin istifadəsi və mühafizəsi tədbirlərinin iqtisadi tənzimlənməsi aşağıdakı prinsiplərə əsaslanır. “Sudan pullu istifadə” yazılmışdı, indi “sudan ödənişli istifadə” olacaq və sair.
97-ci maddədə 3-cü hissə yeni redaksiyada verilir. Azərbaycan Respublikasında sudan ödənişli istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
98-ci maddə aşağıdakı redaksiyada verilir. Sudan istifadə haqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 3-cü hissə ləğv edilir, 103-cü maddənin 15-ci abzası aşağıdakı redaksiyada verilir. Sudan təyinatı üzrə istifadə etmədikdə. Yəni 103-cü maddədə su qanunvericiliyini pozan vəzifəli şəxslər, fiziki və hüquqi şəxslər aşağıdakı hallarda qanunvericiliklə nəzərdə tutulmuş qaydada mülki, maddi, inzibati və cinayət məsuliyyəti daşıyırlar. “Sudan təyinatı üzrə istifadə etmədikdə” cümləsi əlavə edilir. Məqsəd qanunvericiliyimizi təkmilləşdirməkdir. Təşəkkür edirəm. Əminəm ki, səs verib, qəbul edəcəyik. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibət bildirin.

Səsvermənin nəticələri (saat 13.46 dəq.)
Lehinə 91
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 92
Nəticə: Qəbul edildi

Qəbul edildi, çox sağ olun.
Növbəti 9-cu məsələ “Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədədir. Buyursun Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli cənab Sədr. Bildiyiniz kimi, gələn il Azərbaycan dövlətçiliyinin, müstəqilliyinin 100 illiyi təntənə ilə qeyd olunacaq və bu ərəfədə təqdirəlayiq haldır ki, cənab Prezident tərəfindən “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı haqqında qanun layihəsi parlamentə təqdim olunub. Bilirsiniz ki, biz bir neçə il bundan əvvəl Silahlı Qüvvələrin 95 illiyi ilə bağlı yubiley medalını təsdiq etmişdik.
Azərbaycan ordusunun xüsusən son illərdə Qarabağ uğrunda gedən döyüşlərdə əldə etdiyi zəfər və nailiyyətlər bir daha təsdiq edir ki, ordumuzun 100 illiyi mühüm  ictimai-siyasi və tarixi bir hadisədir. Qeyd edə bilərəm ki, “Azərbaycan Ordusunun 100 illiyi” ilə bağlı yubiley medalı indiyə qədər təsis etdiyimiz ordenlər və medallar arasında xüsusi yer tutur. Medalın təsviri də sizə təqdim olunmuşdur. Burada həm Azərbaycan dövlətçiliyinin atributları, həm də milli ordumuzla bağlı atributlar öz əksini tapmışdır. Medalın təsviri, ümumiyyətlə, indiyə qədər mövcud olan orden və medal təsvirlərinə tamamilə uyğundur. Təklif olunur ki, bu yubiley medalı Azərbaycan ordusunda həqiqi hərbi xidmət keçən və döyüş hazırlığında uğurlar qazanan, habelə Azərbaycan ordusundan ehtiyata və ya istefaya buraxılan, həmçinin ordunun qurulmasında və möhkəmləndirilməsində fəal iştirak edən zabit, gizir, miçman və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına təqdim olunsun. Hesab edirəm ki, belə bir yubiley medalının parlamentdə qəbul olunması bir daha Azərbaycan dövlətçiliyinin ənənəsinin sübutudur və hörmətli millət vəkillərindən bu layihəyə səs vermələrini xahiş edirəm.
Sədrlik edən. Sağ olun. Musa Qasımlı.
M.Qasımlı. Çox hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Cənab Prezidentimiz tərəfindən təqdim edilmiş “Azərbaycan Ordusunun 100 illiyi” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanunu layihəsinin lehinə səs verəcəyəm. Bu layihə hər şeydən əvvəl milli tariximizə, milli ordumuza, ənənələrimizə olan  hörmət və ehtiramın nümunəsidir, vətənpərvərlik hissini gücləndirir.
Çox hörmətli Oqtay müəllim, icazənizlə, bir məsələyə diqqət yönəltmək istəyirəm, bunu vacib hesab edirəm. O da  bəzi  saytlarda bəzi  şəxslər tərəfindən milli ordumuzun gözdən düşürülməsidir. Çox hörmətli Oqtay müəllim, bu meyillər ziyanlı meyillərdir və hesab edirəm ki, təkcə ordumuzun deyil, ümumiyyətlə, dövlətimizin güc strukturlarının, hüquq mühafizə orqanlarının gözdən düşürülməsi təzahürlərinə qarşı qanunlarımız çərçivəsində mübarizə aparılmalıdır.  Eyni zamanda, mən parlament jurnalistlərimizdən xahiş edirəm ki, belə təzahürlərə qarşı mübarizənin önündə getsinlər. Çünki ordumuz millətimizin bağrından çıxıb. Ordumuz vətənimizin müdafiəçisidir, ordumuz hamımızındır. Diqqətinizə görə təşəkkür edirəm. 
Sədrlik edən. Sağ olun. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli həmkarlar! Hörmətli Əli müəllimin qeyd etdiyi kimi, biz Azərbaycan dövlət  idarəçilik sistemində varislik ənənələrinin rəhbər tutulduğu növbəti bir addımın şahidliyini edirik. Buna səs vermiş olacağıq. Cənubi Qafqazda bu bölgənin İsveçrəsi olmaq mümkün deyil, yəni neytral bir ölkə ola bilməzsən. Burada mütləq ordu saxlamalısan, silahlı qüvvələrin olmalıdır. Əsgərin siması, zabitin imici, onun statusu dövlətin də imicini, statusunu müəyyən edir. Bu cəhətdən belə medalların təsis olunmasını yalnız alqışlaya bilərik. Şübhəsiz ki, buna hamımız səs verəcəyik.
Mənim çıxışa  yazılmağımın 2 səbəbi oldu. Birinci, sadəcə, bir ifadəyə taxılmaq istədim. Burada, 2.1-ci maddədə qeyd olunub: “rənglərinə uyğun mina ilə örtülmüş lövhə yerləşdirilmişdir”. “Mina” sözündə vurğunu “i”yə qoysan, örtük qatına çevriləcək, “a”ya qoysan, partlayıcı bir maddəyə çevriləcək. Ona görə ifadənin örtük olaraq yazılmasını təklif edirəm. Amma daha çox qeyd etmək istədiyim məsələ qrammatik məsələ deyil, bu daha çox həm Azərbaycanın ordu quruculuğu  tarixində yeri olan, həm də müasir dövrün müstəqillik illərində yeri olan insanların adının əbədiləşdirilməsi ilə bağlı tədbirlərdir. Şıxlinski, Mehmandarov kimi şəxsiyyətlərin adına orden və medalların olması Azərbaycanın müasir dövrü üçün çox önəmlidir. Bu obrazları yalnız dərsliklərdə öyrənmək azdır. Sinəsində həmin şəxslərin adına olan orden və medalları gəzdirmək heç şübhəsiz ki, hər kəsə qürur verərdi.
Baxın, biz son vaxtlar hər il Rusiyada 9 mayda xüsusilə “беcсмертный полк”un böyük aksiyalarını görürük. 70 il bundan öncəki şəxsləri başları üzərinə qaldırırlar, onları tarixiləşdirirlər. Hamı da deyir ki, İkinci dünya müharibəsindən Rusiya öz mənafeyi üçün istifadə edir və düz də edir. Bu, alqışlanan bir şeydir. Azərbaycan da tarixi üçün belə etməlidir. O cümlədən müasir dövrümüzlə bağlı. Bir neçə gün öncə biz Azərbaycanın müasir tarixində yeri olan, Qarabağda döyüşlərdə yeri olan Şirin Mirzəyevin 70 illiyi ilə bağlı bir tədbirə qatılmışdıq. Hər birimiz qürurverici anlar yaşadıq. Doğrusu, orduda çalışanlar, xidmət edənlər, gələcəyin zabitləri Şirin Mirzəyev adına bir medal və yaxud ordenlə təltif olunsalar, bu yalnız bizim işimizin faydasına olardı. Biz Qarabağ savaşında məğlub olmuş sərkərdələrimizin, ilk qəhrəman oğullarımızın üzərindən xətt çəkə bilmərik.
Cənab Sədr, çox təşəkkür edirəm. Dediklərim bəlkə kənar fikirlər kimi göründü, amma bu ordenə səs verməyimizlə bərabər mən istədim ki, gələcəkdə əbədiləşdirmə tədbirlərimizi  davam etdirək. Diqqətinizə görə sağ olun. Səs verəcəyəm.
Sədrlik edən. Çox sağ ol, Zahid müəllim. Təkliflərini yaz, göndər. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.54 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Gündəliyin 10-cu məsələsi Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi barədədir. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli həmkarlar!  Bilirsiniz ki, biz son dövrlər Miqrasiya Məcəlləsinə bir sıra səmərəli dəyişikliklər etmişik. Bunlardan ən başlıcası “ASAN Viza” sisteminin tətbiqi ilə bağlıdır. Cənab Prezident tərəfindən təqdim olunmuş yeni layihə isə elektron vizalarla bağlı 38-ci maddənin daha da təkmilləşdirilməsini  nəzərdə tutur. Belə ki, hazırda 3  iş günü müddətində elektron şəkildə vizanı əldə etmək mümkündür və 3 iş günü müddəti ərzində  müvafiq orqanlar tərəfindən cavab verilməlidir. Amma elektron vizanın sürətləndirilmiş qaydası da təklif olunur. Əgər belə qayda tətbiq olunarsa, onda ən geci 3 saat ərzində müvafiq orqanlar elektron poçta artıq cavab göndərməlidirlər. Hesab edirəm ki, müddətin bu qədər qısaldılması çox mütərəqqidir.
İkincisi, qanunvericilikdə elektron viza alınarkən sərhəd keçid məntəqəsində ancaq pasportun təqdim edilməsi mövcud idi,  indi isə təklif olunur ki, şəxsiyyəti təsdiq edən istənilən sənəd, misal üçün, dənizçinin  şəxsiyyət vəsiqəsi təqdim edilsin. 38-ci maddə ilə bağlı bu dəyişikliklər Azərbaycanda miqrasiya sisteminin təkmilləşdirilməsinə xidmət edir. Bununla əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycana gəlişi və gedişi daha da sürətlənmiş olacaqdır. Çox sağ olun.  
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.56 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti 11–12-ci məsələlər bir zərfdə gəlib. 11-ci məsələ “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədədir. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli həmkarlar, hər iki layihə qanunvericiliyə uyğunlaşdırma məqsədi daşıyır. Belə ki, 2016-cı il 30 dekabr tarixində biz Mülki Prosessual Məcəlləyə müvafiq dəyişiklik etmişdik. Bu dəyişiklik alimentlərin alınması ilə bağlı icra mexanizmini özündə ehtiva edirdi. İndi isə təklif olunur ki, həmin Mülki Prosessual Məcəlləyə etdiyimiz dəyişikliyə həm “İcra haqqında” Qanun, həm də “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanun uyğunlaşdırılsın. Ona görə səs verməyinizi xahiş edirəm.
Sədrlik edən.  Xahiş edirəm, gündəliyin 11-ci məsələsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.58 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 91
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Gündəliyin 12-ci məsələsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.58 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 91
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi. 3 məsələmiz qalıb. Əgər etiraz etmirsinizsə, tənəffüssüz işləyək.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Çox sağ olun. Növbəti məsələ “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədədir. Buyursun Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli həmkarlar, məsələ burasındadır ki, cənab Prezidentin  2016-cı il  14 noyabr tarixli fərmanı ilə “Dövlət qulluğu haqqında” Qanun qüvvəyə  mindikdən sonra verilən fərmanla “müvafiq icra hakimiyyəti orqanlarının yanında olan orqanlar” ifadəsi işlənmişdir. Məhz buna görə də təklif olunur ki, “Dövlət qulluğu haqqında” Qanunun 11.1.8.2-ci maddəsində bu ifadə işlənilsin: “müvafiq icra hakimiyyəti orqanlarının yanında olan orqanların rəhbərlərinin, onların müavinlərinin və mütəxəssislərinin vəzifələri”. Səs verməyinizi xahiş edirəm.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.00 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 90
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi. 
Növbəti 18-ci məsələ İşsizlikdən sığorta haqqında qanun layihəsinin ikinci oxunuşudur, bunu biz qədərincə müzakirə etmişik.  Mən nəzərinizə çatdırmaq istəyirəm ki, bu qanun layihəsi 4 fəsil, 26 maddədən ibarətdir. Müzakirəyə başlamazdan qabaq əsas kimi səsə qoyaq, xahiş edirəm.

Səsvermənin nəticələri (saat 14.01 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 88
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
İndi Hadi müəllim, buyurun.
H.Rəcəbli, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri.
Minnətdaram, Oqtay müəllim. Layihə, bildiyiniz kimi, iyunun 13-də  parlamentdə müzakirə olunmuşdu. Müzakirələrdə millət vəkilləri Qüdrət Həsənquliyev, Əflatun Amaşov, Qənirə Paşayeva, Siyavuş Novruzov, Zahid Oruc, Tahir Kərimli, Çingiz Qənizadə, Araz Əlizadə çıxış edərək layihə barədə bütövlükdə öz müsbət fikirlərini bildirmişdilər. Sonradan biz bunu komitədə müzakirə etdik.  Mən onu da  vurğulamaq istəyirəm ki,  çox hörmətli deputat həmkarlarım Eldar Quliyev, Əli Məsimli öz təkliflərini, fikirlərini yazılı surətdə bizə bildirdilər. Bu rəy və təkliflərin müzakirəsi ilə bağlı 2 məqamı vurğulamaq istəyirəm.
Birinci, texniki bir dəyişiklik etdik. Hüquqlarla vəzifələr məsələsi var idi. Ona görə bir maddəni ixtisar etdik. O biri maddəyə düzəliş etdik. Burada ciddi bir şey yoxdur. Amma bəzi deputat həmkarlarımın çıxışlarına  aydınlıq gətirmək istəyirəm. Məsələn, onlar dönə-dönə vurğulayırdılar ki, işəgötürənlərlə işçilər arasında müqavilə bağlanmır, burada problemlər var. Müqavilə bağlanmadığından sığortanın ödənməsi də problem yarada bilər. Mən onunla əlaqədar bildirirəm ki, 2013-cü ilin dekabr ayında Milli Məclisdə bir sıra qanunlara əlavə və dəyişikliklər oldu. Bu əlavələr və dəyişikliklər çox kəskin müddəalarla ehtiva olunurdu. Burada İnzibati Xətalar Məcəlləsində, Cinayət Məcəlləsində, Vergi Məcəlləsində dəyişikliklər oldu.  Beləliklə də  yayınma hallarına görə hətta  azadlıqdan məhrumetməyə qədər çox ciddi məsuliyyət nəzərdə tutuldu. Yəni bu o deməkdir ki, işəgötürənlə işçi arasındakı müqavilə məsələsi zaman-zaman öz həllini tapacaq. Bütövlükdə burada problem olmayacaq.
Digər bir məqam da ondan ibarət idi ki, burada sığorta, əsasən, sosial sığorta olduğundan bu məsələ müzakirə olundu. Bizim Konstitusiyamızda  təsbit olunub ki, sığorta sosial məsələdir və burada mütləq icbarilik olmalıdır. Deyirdilər ki, icbarilik olmasın, könüllü olsun.
Onu da vurğulamaq istəyirəm ki, Oqtay müəllim, dünyanın 72 ölkəsində bu məsələ icbaridir, məcburidir. Bircə Danimarkada bu məsələ könüllüdür. Bütövlükdə hesab edirəm ki, bu layihə həm işəgötürənlərin, həm də işçilərin mənafeyinə xidmət edəcək. Ona görə deputat həmkarlarımdan bu layihəyə səs vermələrini xahiş edirəm. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Çox sağ olun. Əli Məsimli.
Ə.Məsimli. Sağ olun, cənab Sədr.  Cənab Sədr, çıxışımın xoşməramlı olmasını əyani surətdə  göstərmək üçün qeyd etmək istəyirəm ki, yaxşı olardı, bu, həm ikinci, həm də üçüncü oxunuşda qəbul olunsun. Çünki doğrudan da, çox yüksək səviyyədə hazırlanıb. Sonuncu iclasımız olduğuna görə hesab edirəm, bunu qəbul etmək olar ki, zaman itməsin. Amma çıxış etməkdə məqsədim ondan ibarətdir ki, biz Milli Məclisin  işçiləriyik. Oqtay müəllim, biz qanun qəbul edəndə çalışmalıyıq ki, Milli Məclisin imicinə heç bir ziyan dəyməsin. Bu nöqteyi-nəzərdən bir neçə məqamı qeyd etmək istərdim.
Əgər Azərbaycan Konstitusiyasının 35-ci maddəsinin 7-ci bəndinə baxsaq, görərik ki, Azərbaycan dövləti işsiz adama müavinət verməyi öz üzərinə götürür. Ondan əlavə də qeyd edir ki, kim istəsə, könüllü surətdə sığorta oluna bilər. Amma dünya təcrübəsində çox nadir hallarda  70-dən çox ölkə icbari sığortanı həyata keçirir. Bunu vacib hesab edirəm. Hesab edirəm ki, çox düzgündür, normaldır. Amma hansı üsulla çalışmaq lazımdır ki, burada bir ziddiyyət yaranmasın?
Oqtay müəllim, ciddi məsələ ondan ibarətdir ki,  burada əsas anlayışlar verilib və kompensasiya veriləndə bütövlükdə işsizliyə görə maaşı qədər pul verilmir. Burada tam kompensasiyadan söhbət getmir, qismən kompensasiyadan gedir, ona görə ifadələrin işlədilməsində dəqiqlik olmalıdır. Eyni zamanda, işsiz kimdir? Oqtay müəllim,  “Məşğulluq haqqında” Qanuna görə kim müraciət edirsə, o işsizdir. İndi görək rəqəmlər nə deyir? 2016-cı il bir qədər qarışdırılıb. Ona görə də 2015-ci ilə qədər baxaq. İşsiz Beynəlxalq Əmək Təşkilatının metodikasına görə Azərbaycanda hesablanıb ortaya çıxarılan 244 min adamdır, yoxsa Məşğulluq Mərkəzinə müraciət edib, orada qeydə alınan 28,8 min adamdır, yoxsa müavinət alan 1547 nəfərdir? Bu məsələyə mütləq aydınlıq gətirmək lazımdır ki, gələcəkdə qanunlar arasında müəyyən dərəcədə ziddiyyət yaranmasın, o qanun bu qanuna  qarşı  çevrilməsin, yaxud da vətəndaş burada hansısa iradlarını bildirəndə bir qanuna, dövlət isə başqa bir qanuna istinad etməsin. Söhbət burada işini itirmiş adamdan gedir. Söhbət burada mütləq ona dəstəkdən gedir. Belə bir anda qeyri-müəyyənlik yaranmasın.
Axırıncı, Oqtay müəllim, keçid müddəasına baxanda görürük ki, indi qüvvədə olan bu qanun gələn ilin yanvarından qüvvəyə minənə qədər olan dövrdə həyata keçiriləcəkdir. Burada müəyyən bir müddətdə bu qanunun həyata keçirilməsində zaman  uzananda bir hissə indiki köhnə qayda ilə işsizliyə görə müavinət almaya bilər. Onsuz da işsizliyə görə müavinəti çox az adam alır. Yəni bu, simvolik bir səviyyədədir. Bu nöqteyi-nəzərdən həmin insanların pis vəziyyətə düşməməsi üçün aidiyyəti orqanlar, – bunu Milli Məclis etməməlidir, – mütləq keçid müddəasındakı həmin məqamı nəzərə almalıdırlar ki, yeni qanun işə düşəndə köhnə əsasla müavinət alan insanlar işsizliyə görə müavinətdən məhrum olmasınlar. Bir daha təkrar edirəm, qanun yüksək səviyyədə hazırlanıb. Beynəlxalq təcrübədə var və bunu biz də qəbul etməliyik. Eyni zamanda, qanunun səviyyəsi imkan verir, belə təklif irəli sürüm ki, ikinci və üçüncü oxunuşda qəbul etmək olar. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Başqa təklif yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Qanun 4 fəsildən ibarətdir. Fəsil-fəsil səsə qoymalıyıq. Xahiş edirəm, qanunun 1-ci və 2-ci fəsillərinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.08 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 96
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi. Qanunun 3-cü və 4-cü fəsillərinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.09 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 93
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Nəhayət, qanun layihəsini bütövlükdə səsə qoyaq.

Səsvermənin nəticələri (saat 14.09 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 93
Nəticə: Qəbul edildi

Çox sağ olun, qanun layihəsi qəbul edildi.
Təklif oldu ki, üçüncü oxunuşda da qəbul edək. Xahiş edirəm, qanun layihəsinə üçüncü oxunuşda da münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.10 dəq.)
Lehinə 91
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 94
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Nəhayət, sonuncu dördüncü məsələ Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında qanun layihəsi barədədir. İkinci oxunuşdur. Mən bu oxunuşa başlamamışdan qabaq yadımdadır, birinci oxunuşda mənim də bir-iki sözüm olmuşdu, demişdim ki, qanun layihəsini bir az yumşaltmalıyıq, qanun layihəsinə diqqətlə baxmalıyıq. Bu baxımdan çox işlər görüldü.
Təəssüf ki,  həmin sözümdən sonra jurnalistlərdən biri yazmışdı ki, Oqtay müəllim bu qanun layihəsinə etiraz etdi. Qəzetlərin hamısı yazıb. Bu qanun layihəsi referendumda qəbul olunub. Bu qanun layihəsi, demək olar ki, bizdə mövcud qanunların, pərakəndə olan qanunların 90 faizini birləşdirən bir qanun layihəsidir. Ona görə, xahiş edirəm, Əli müəllim, buyurun, qanun layihəsini təqdim edin, göstərək ki, nə qədər dəyişiklik var.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli cənab Sədr. Artıq Sizin də vurğuladığınız kimi, Deputatın etik davranış qaydaları haqqında qanun layihəsinin birinci oxunuşda qəbul olunması bizim referendumda səs verdiyimiz və qəbul etdiyimiz Konstitusiyaya əlavə və dəyişikliklərdən irəli gəlir.
Birinci oxunuşdakı müzakirədən sonra cənab Sədr, Sizin tövsiyələriniz əsasında biz qanun layihəsini rəy və təklif üçün bütün komitələrə göndərdik. Eyni zamanda, birinci oxunuş zamanı səslənmiş fikirləri də bir daha dərindən  öyrəndik. Qeyd etmək istəyirəm ki, həm Hüquq siyasəti və dövlət quruculuğu komitəsi, həm də İnsan hüquqları komitəsinin 20 iyun tarixli birgə iclasında bütün bu məsələlər geniş müzakirə olundu. Mən fürsətdən istifadə edib müzakirələrdə çox fəal iştirak etmiş və çoxlu sayda təklif vermiş həmkarlarımıza təşəkkürümü bildirirəm. Qeyd etmək istəyirəm ki, layihənin üzərində iş gedərkən hörmətli Arif Rəhimzadə, Hadi Rəcəbli, Tahir Kərimli, Fazil Mustafa, Qüdrət Həsənquliyev, Fərəc Quliyev, Zahid Oruc, Malik Həsənov və digər millət vəkillərinin rəy və təklifləri nəzərə alınmışdır. Sizin də cənab Sədr, verdiyiniz tövsiyə əsasında biz etik davranış kodeksindən etik qaydalara aid olmayan, amma bəlkə də gələcəkdə başqa qanun layihələri ilə tənzimlənə biləcək bütün məsələləri çıxartdıq.
Hazırda Etik davranış qaydaları haqqında qanun layihəsi özündə ancaq deputatların etik davranış qaydalarını əhatə edir. Layihənin 1-ci, 2-ci, 3-cü, 5-ci, 6-cı, 8-ci, 9-cu, 11-ci və 12-ci maddələrinə redaktə xarakterli dəyişikliklər edildi. 4-cü maddədə “qərəzli olaraq” ifadəsi yeni variantda “hüquqi şəxslərin işgüzar nüfuzunu ləkələyən qərəzli hərəkətlər etməməlidir” ifadəsi ilə əvəz olundu. Çünki bu daha dəqiq ifadə idi. Bilirsiniz ki, hədiyyələrlə bağlı olan 10.2-ci maddə müzakirəyə səbəb olmuşdu və ümumi qərar belə oldu ki, bizim qanunvericilikdə “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunda verilmiş anlayış  olduğu kimi qalsın, qonaqpərvərliklə bağlı qərarın qəbul edilməsi ilə bağlı müddəa isə çıxarılsın. Həmçinin 12-ci maddədə “məlumatlardan istifadə” ifadəsi çıxarılsın. 12.2-ci maddə də, baxmayaraq ki, o hazırda sizə paylanmış variantda var, son qərar bundan ibarət oldu ki, o da çıxarılsın. Çünki deputatın vəzifələrinin icrası ilə bağlı əldə etdiyi məlumatların, o cümlədən vətəndaşların şəxsi həyatı barədə ona məlum olmuş məlumatların konfidensiallığının təmin edilməsi kimi üzərinə bir vəzifə qoyulması, həqiqətən də, düzgün deyildi. Hesab edirəm ki, bu onsuz da millət vəkillərinə aid olan məsələdir və konfidensiallığı qorumaq tam anlamda hər bir kəsə aydındır.
Ciddi dəyişikliyi 13-cü maddədə etmişik. Bununla bağlı bizim geniş müzakirələrimiz oldu. Çünki 13-cü maddə İntizam komissiyasının səlahiyyətləri ilə bağlı idi və həqiqətən də, cənab Sədr, həm Sizin, həm də bizim Aparat rəhbəri Səfa müəllimin bizim ümumi qanunvericilik texnikası ilə bağlı tövsiyələriniz oldu ki, Milli Məclisin Daxili Nizamnaməsinə, İntizam komissiyasının səlahiyyətlərinə aid ola biləcək məsələlər etik kodeksdə öz əksini tapmamalıdır. Ona görə də bugün 13-cü maddədə etik davranışın qaydalarına əməl olunmasına nəzarət çox yığcam şəkildə verilib və təbii ki, gələcəkdə digər məsələlər müzakirə oluna bilər. Beləliklə, hazırkı etik davranış qaydası Milli Məclisin Daxili Nizamnaməsi, “Deputatın statusu haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunların və ümumiyyətlə, etik qaydaları tənzimləyən normaların məcmusudur. Bunu Siz də söylədiniz, cənab Sədr, yəni burada artıq hər hansı yeni bir qayda mövcud deyil.
Onu da diqqətinizə çatdırmaq istəyirəm ki, bu layihə dövlət qulluqçularının etik davranış qaydası, bələdiyyələrin, hakimlərin etik kodeksi və digər orqanların etik kodeksindən tamamilə fərqlənir. Bizim yanaşma belə olub ki, millət vəkili, yüksək deputat adını qoruyan hər bir şəxs onsuz da öz fəaliyyətində Konstitusiyanı, nizamnaməni, “Deputatın statusu haqqında” Qanunu nəzərdə tutur və bu yüksək ada hörmətlə yanaşır. Biz isə qeyd etdiyim kimi, etik davranış qaydalarını bizim qanunvericilikdə olan bir sıra normaların məcmusu kimi hazırladıq.
Hörmətli həmkarlar, komitələrin birgə iclasında hörmətli Bahar xanım sədrlik edirdi və hər iki komitənin ümumi yekun rəyi bundan ibarət oldu ki, əgər bu layihə belə yığcam formadadırsa və artıq komitə üzvlərinin də müsbət rəyi mövcuddursa, əgər etiraz etməsəniz, Etik davranış qaydaları haqqında qanun layihəsi parlament müzakirəsində həm ikinci, həm də üçüncü oxunuşda qəbul olunsun. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Komitə iclasında hamıdan yaxşı çıxış edən Qüdrət Həsənquliyev yenə yazılıb. Buyur.
Q.Həsənquliyev. Oqtay müəllim, çıxışımı Sizə təşəkkürlə başlamaq istəyirəm. Doğrudan da, bizim millət vəkillərinin çoxunu narahat edən məsələlərlə bağlı Sizin tövsiyələriniz də nəzərə alınıb və öz sözünüzlə desək, qanun xeyli dərəcədə yüngülləşdirilib. Hörmətli Bahar xanımın iştirakı ilə biz layihəni axırıncı dəfə komitədə müzakirə etdik. Demək olar ki, bütün məsələlər üzrə razılığa gəldik. Mən də Əli müəllimin o təklifini dəstəkləyirəm ki, biz bunu üçüncü oxunuşda da qəbul edə bilərik. Amma mənim şəxsən özümün diqqətindən yayınan bir məsələni diqqətinizə çatdırmaq istəyirəm. Burada, 4-cü maddədə qeyd edirik ki, deputat başqasının şərəf və ləyaqətini alçaldan çıxışlardan çəkinməlidir. Amma mən düşünürəm, burada yazmalıyıq ki, deputat özünün və başqalarının şərəf və ləyaqətini alçaldan çıxışdan yayınmalıdır. Məsələn, indi Allah eləməsin ki, bizim deputatlardan hər hansı biri özünün şərəf və ləyaqətini alçaldan bir çıxış etsin. Biz, məsələn, icra orqanlarında məmurun belə bir çıxışı ilə rastlaşmışıq, yəqin ki, hamınız eşitmişdiniz, onun səs yazıları da qoyulmuşdu, o öz kollektivi qarşısında deyirdi: “mən bir yaramaz rüşvətxoram”. Məncə, bu müddəa “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanuna da, “Bələdiyyə qulluqçularının  etik davranış qaydaları haqqında” Qanuna  da daxil edilməlidir. Yəni bu çıxışla o tək öz şərəf və ləyaqətini alçaltmır. Ola bilsin, o fikirləşir ki, özünün şərəf və ləyaqəti yoxdur. Amma dövlət orqanını nüfuzdan salır. Çünki sabah bizim də hansısa bir deputatımız xəstələnə bilər, iraq-iraq, belə bir çıxış edə bilər.
İkinci məsələ. Mətbuatda oxudum ki, Özbəkistanda yaltaqlıq qadağan olunur. Məsələn, mən təklif edirəm ki, 6-cı maddədən sonra bizim hörmətli komissiya üzvləri, işçi qrupunun üzvləri belə bir bənd əlavə etsinlər ki, deputat yaltaq olmamalıdır, yaltaqlıq dövlət ədəb-ərkanını pozduğuna, mənəvi dəyərləri aşındırdığına görə etik davranış qaydasının kobud surətdə pozulması kimi qiymətləndirilir. Bunu niyə söyləyirəm, Oqtay müəllim? İndi bəzi həmkarlarım gülür, amma Özbəkistanda  bu ləğv olunub. Məsələn, bizdə yenə də hansısa məmur yaltaqlanmaq üçün deyir ki, Azərbaycanda bir kişi var. İndi o özünü kişi saymır, özü bilər. Amma bizim burada xanımların ərləri var, həyat yoldaşları var, ataları var, oğulları var. Biz hamımız özümüzü kişi hesab edirik. Bu dövləti xarici təhlükədən qoruyan, bu ölkənin daxili təhlükəsizliyini qoruyan  generallarımız var, ağsaqqallarımız var. Yəni bunu söyləmək istəyirəm ki, bu, yaltaqlığın ən iyrənc formasıdır, başqasını təhqir etməklə, aşağılamaqla yaltaqlanmaqdır. Ona görə də mən düşünürəm ki, burada biz açıq formada yaza bilərik ki, deputat yaltaq olmamalıdır və söylədiyim fikri “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanunda və “Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında” Qanunda da  yaza bilərik. Həm də hesab edirəm ki, belə adamlar dərhal vəzifədən kənarlaşdırılmalıdırlar. Ona görə ki, bu adam  fikirləşmir ki, evə gedəndə uşağı bundan soruşar ki, bəs sən kimsən, niyə özünü kişi saymırsan? Yəni əlbəttə, mən bunu  bir misal kimi çəkdim ki, bizim  məmurlar da danışanda, yaltaqlananda, heç olmasa, bilsinlər ki, hansı formada yaltaqlanmaq lazımdır. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sənin, deyəsən, ürəyin doludur, bilirəm, haradan gəlib, haradan keçirsən, amma yaltaqlığın dərəcəsi olan bir şkala göstər, onu salaq ora. Şkala düzəlt, qırmızı, yaşıl, sarı. Göstər, sonra danışarıq. Əli müəllim, bu məsələ ilə əlaqədar çıxış etmək istəyirsiniz? Buyurun, Əli Məsimli.
Ə.Məsimli. Çox sağ olun, cənab Sədr. Mən də bu qanunun  təkmilləşdirilməsi istiqamətində görülən işləri müsbət qiymətləndirirəm. Amma Oqtay müəllim, bir məsələ ilə bağlı aydınlıq gətirilməsinə, məncə,  ehtiyac var. Bu da ondan ibarətdir ki, Azərbaycanın parlamentində ondan artıq partiya fəalliyyət göstərir. Sağlar, sollar, mərkəzçilər və sair. Eyni zamanda, partiya mənsubiyyəti olmayanlar. Bax bu, düzü, mənə aydın deyil. Belə bir şəraitdə maraqların burada yazılan o toqquşmasından necə qaçmaq olar? Hər kəs öz partiyasının marağını ifadə edəcək, hər kəs həmin partiyanın ideologiyasını ifadə edəcək. Amma Milli Məclisin vəzifəsi  ondan ibarətdir ki, həmin maraqları toqquşmadan qorusun, həmin maraqların harmoniyasına gedən yolu tapa bilsin və beləliklə, orta məxrəcə gəlib qərarlar qəbul etsin. Mənə elə gəlir ki, başqa məqamlarda elə bir problem yoxdur. Amma bu maraqların toqquşması məsələsi çoxpartiyalı bir parlamentdə sonradan əlavə problem yarada bilər. Mütləq və mütləq bu məsələnin hansısa bir formada nəzərə alınmasını vacib hesab edirəm. Təşəkkür edirəm.
Sədrlik edən. Jalə xanım, buyurun.
J.Əliyeva. Təşəkkür edirəm, hörmətli Sədr. Müzakirəmizə təqdim olunan qanun layihəsi, sözün əsl mənasında, çox vacib bir sahə, deputatların əxlaqi-etik keyfiyyətlərinin tənzimlənməsi ilə bağlıdır və bu mənada əhəmiyyətli bir qanun layihəsidir. Bu gün deputat tərəfindən qanun ilə müəyyən edilmiş vəzifələrin, sadəcə, mexaniki icra olunması kifayət deyil, ictimaiyyətin inamını və insanların etimadını qazanmaq,  deputatlıq fəaliyyətinin səmərəli olması üçün deputatın davranışının mənəvi-etik tərəflərinin ön plana çəkilməsi, onun  möhkəm mənəvi təməl üzərində qurulması mühüm şərtlərdəndir. Parlamentdə mövcud olan mənəvi mühitin, ab-havanın xarakteri, deputatın cəmiyyətdə hamılıqla qəbul edilmiş etik davranış qaydalarına necə əməl etməsi parlamentin nüfuzuna ciddi şəkildə təsir edən bir amildir və parlamentin nüfuzunu artırmaq və ya hətta onu azaltmaq iqtidarındadır. Öz funksional vəzifələrini yüksək səviyyədə yerinə yetirən parlament hətta deputatlardan birinin etikadankənar, mənəviyyatsız əməlindən ciddi zərər çəkə bilər. Bu baxımdan deputatlıq fəaliyyətində mənəvi-etik dəyərlərin bərqərar olması məqsədi ilə qanun səviyyəsində müvafiq təminat mexanizmlərinin yaradılması çox zəruridir və Deputatın etik davranış qaydaları haqqında qanun bu qəbildən olan sənədlərdəndir.
Əlbəttə, həmkarlarımızın bəziləri tərəfindən qanun birmənalı qarşılanmayıb. Düşünürəm ki, bu qanundan qorxmaq lazım deyil. Etika normal bir cəmiyyət üçün bir davranış, bir mənəviyyat və bir mədəniyyət kodeksidir və hər kəsin əməl etməli olduğu bir amildir. Xüsusən də  cəmiyyətin fəaliyyəti göz önündə olan seçilmiş fərdlərinin etika normalarına əməl etməsindən söhbət gedirsə, yəqin ki, nəticə etibarilə bu elə cəmiyyətimizin özünün bütövlükdə saflaşmasına və bütövləşməsinə xidmət edən bir amilə  çevrilə bilər. Ümumilikdə, bu qanun deputatlıq fəaliyyətinin müasirləşməsinə və bu fəaliyyətin aşkar bir ortamda həyata keçirilməsinə olan ehtiyacdan doğan bir zərurətdir. Mən bu qanunu dəstəkləyirəm və ona səs verəcəyəm, digər həmkarlarımı da səs verməyə dəvət edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, Jalə xanım. İlk növbədə biz bu qanun  layihəsini ikinci oxunuşda əsas kimi qəbul etməliyik. Xahiş edirəm, əsas kimi münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.25 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Bu qanun layihəsi cəmi 13 maddədən ibarətdir, fəsil yoxdur. Əgər etiraz yoxdursa, bütövlükdə səsə qoyaq.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, bütövlükdə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.26 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi və təklif olundu ki, üçüncü oxunuşda da qəbul edək. Xahiş edirəm, üçüncü oxunuşda qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.27 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Hörmətli millət vəkilləri, bununla da biz növbədənkənar  sessiyada işimizi başa vurduq. Ayın 15-nə kimi, bilirsiniz ki, hamımız işdəyik, iş vaxtıdır, az görüşə biləcəyik, gələcək məzuniyyət vaxtı sizin hamınıza uğurlar arzulayıram.
İndi isə mən növbədənkənar yaz sessiyasını bağlı elan edirəm.


(Azərbaycan Respublikasının Dövlət himni səslənir.)

 

EDİLMƏMİŞ ÇIXIŞIN MƏTNİ

30 iyun 2017-ci il
___________________________

Elçin Quliyev. Hörmətli Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət nümayəndələri!
Bu gün “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci və 23.7-ci maddələrinin tələblərinə uyğun olaraq təqdim olunmuş “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının qanun layihəsini müzakirə edirik. Qanun layihəsi əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin davam etdirilməsi, bank-maliyyə sistemində dayanıqlılığın təmin olunması, ölkənin xarici və daxili borc öhdəliklərinin tənzimlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Son illər ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında aparılan struktur islahatlarının sürətləndirilməsi istiqamətində mühüm siyasət həyata keçirilməkdədir. Bunlar ölkə əhalisinin həssas sosial qruplarının müdafiəsinin gücləndirilməsi, iqtisadiyyatın şaxələnməsi, qeyri-neft ixracının artırılması və idxalın əvəzləşdirilməsi məqsədi ilə kənd təsərrüfatının, sənayenin artım sahələrini müəyyən edərək üstün qaydada inkişaf etdirilməsi kimi tədbirləri özündə birləşdirir.
İqtisadiyyatın qeyri-neft sektorunun mühüm sahəsi olan qeyri-neft sənayesinin istehsal və ixrac potensialının artırılmasında səmərəli təşviq mexanizmləri olan sənaye parklarının və zonalarının təşkili işləri davam etdirilmiş, investisiyaların və ixracın təşviqi dəstəklənmişdir.
2017-ci ilin yanvar-may ayları üzrə qeyri-neft sektorunda əlavə dəyər istehsalı 2,3 faiz artmış, neftin və qeyri-neftin ÜDM-də xüsusi çəkisi müvafiq olaraq 41,1 və 58,9 faiz olmuşdur.
Ümumi daxili məhsulun istehsal strukturuna nəzər saldıqda görürük ki, qeyri-neft sektorunun bütün alt sahələri üzrə artım qeydə alınmışdır. Belə ki, qeyri-neft sektorunun sahələrindən müvafiq dövrə nisbətən kənd təsərrüfatı 2 faiz, tikinti 0,4 faiz, ticarət sahəsi 1,9 faiz, turizm 2 faiz, qeyri-neft sənayesi 4,8 faiz, nəqliyyat sahəsi 5,3 faiz, sosial və digər xidmətlər 1,4 faiz, rabitə sahəsi 4,9 faiz artmışdır.
Bütün yuxarıda qeyd olunanlar bizə iqtisadiyyatın real sektoruna daha çox vəsaitlərin yönəldilməsini diqtə edir. Bu baxımdan gələcəkdə qeyri-neft gəlirlərinin ümumi daxili məhsulda və büdcə gəlirlərində xüsusi çəkisinin artırılması, vergi ödəyicilərinin optimal gəlirliliyini və investisiya mühitini daha da yaxşılaşdırmaq məqsədi ilə vergi yükünü optimallaşdırmaqla qeyri-neft sektorundan vergi daxilolmalarının artımına nail olunması, sadələşdirilmiş verginin tətbiqi dairəsinin genişləndirilməsi istiqamətində işlərin davam etdirilməsi, vergi bazasının genişləndirilməsi və vergi uçotunun təkmilləşdirilməsi istiqamətində səmərəli vergi nəzarəti mexanizminin qurulması, nizamnamə fondunda və yaxud səhmlərində dövlətin payı olan müəssisələrdə müvafiq təhlillər aparmaqla həmin paylara görə dövlət büdcəsinə dividendlərin alınması istiqamətində işlərin davam etdirilməsini, dövlət torpaqlarının icarəyə verilməsindən əldə olunan gəlirlərin büdcəyə daxilolma əmsalının artırılması kimi tədbirlərin həyata keçirilməsi istiqamətində zəruri tədbirlərin görülməsini məqsədəuyğun hesab edirəm.
Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan qanun layihəsini dəstəkləyirəm və onun qəbul olunmasına səs verəcəyəm. Diqqətinizə görə minnətdaram.

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi