2017-ci il 16 may tarixli iclasın stenoqramı

BEŞİNCİ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
VI SESSİYASI İCLASININ

PROTOKOLU № 42

Milli Məclisin iclas salonu.
16 may 2017-ci il.

İclasa Azərbaycan Respublikası Milli Məclisinin
Sədri  O.Əsədov  sədrlik etmişdir.

İclasda Milli Məclisin 109 deputatı iştirak etmişdir.


Qeydiyyat (saat 12.07 dəq.)
İştirak edir 102
Yetərsay 83

İclasa dəvət olunmuşlar:

Zahir Əlizadə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi.
Təmraz Tağıyev, Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri.
Hümbət Hüseynov, Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının və M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri.
Əli Mehdiyev, Azərbaycan Kənd Bələdiyyələri Milli Assosiasiyasının sədri, Novxanı  bələdiyyəsi sədrinin müavini.

*   *   *

Elsevər Ağayev, Azərbaycan Respublikası səhiyyə nazirinin müavini.
Natiq Məmmədov, Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini.
Ceyhun Məmmədov,  Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
2. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
3. “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
4. “Pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
5. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
6. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
7. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
8. Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).
9. Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).
10. Kabel şəbəkəsi yayımı haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Aşağıdakı məsələlər müzakirə edilmişdir:

Gündəlik haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Siyavuş Novruzov, Arif Rəhimzadə, Əli Hüseynli, Zahid Oruc, Bahar Muradova, Əflatun Amaşov, Aydın Mirzəzadə, Mixail Zabelin, Elman Nəsirov, Fazil Mustafa, Elmira Axundova, Fərəc Quliyev, Vahid Əhmədov, Qüdrət Həsənquliyev, Rövşən Rzayev, Çingiz Qənizadə, Sahib Alıyev, Hikmət Məmmədov

Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.07 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 99
Nəticə: Qəbul edildi

1. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli, Ziyafət Əsgərov, Aytən Mustafazadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.12 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

2. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli, Qüdrət Həsənquliyev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.15 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 96
Nəticə: Qəbul edildi

3. “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.17 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

4. “Pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.18 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

5. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Rafael Hüseynov, Fazil Mustafa

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.30 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

6. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.32 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

7. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Siyavuş Novruzov, Bahar Muradova, Fazil Mustafa, Elmira Axundova, Əli Hüseynli, Əflatun Amaşov, Tahir Kərimli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.05 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 1
İştirak edir 92
Nəticə: Qəbul edildi

8. Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Arif Rəhimzadə

Təklif: Layihə ikinci oxunuşda əsas kimi qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.15 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 93
Nəticə: Qəbul edildi

Təklif: Layihənin adı, preambulası,
1–14-cü  maddələri qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.16 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

Təklif: 15–17-ci maddələr qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.16 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 1
İştirak edir 95
Nəticə: Qəbul edildi

Təklif: Layihə ikinci oxunuşda qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.17 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

9. Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyafət Əsgərov, Hadi Rəcəbli, Jalə Əliyeva, Şahin İsmayilov, Əhliman Əmiraslanov

Təklif: Layihə ikinci oxunuşda əsas kimi qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.21 dəq.)
Lehinə 80
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 80
Nəticə: Yetərsay yoxdur

Təklif: Layihə ikinci oxunuşda əsas kimi qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.22 dəq.)
Lehinə 94
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 97
Nəticə: Qəbul edildi

Təklif: Layihənin adı, preambulası,                    
1–7-ci maddələri qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.34 dəq.)
Lehinə 87
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 88
Nəticə: Qəbul edildi

Təklif: 8–17-ci maddələr qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.35 dəq.)
Lehinə 86
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 87
Nəticə: Qəbul edildi

Təklif: Layihə ikinci oxunuşda qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.35 dəq.)
Lehinə 88
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 89
Nəticə: Qəbul edildi

10. Kabel şəbəkəsi yayımı haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Oqtay Əsədov, Rafael Hüseynov, Qüdrət Həsənquliyev, Əflatun Amaşov, Jalə Əliyeva, Siyavuş Novruzov, İlham Əliyev

Təklif: Layihə birinci oxunuşda qəbul edilsin
Səsvermənin nəticələri (saat 15.07 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

 

Azərbaycan Respublikası
Milli Məclisinin Sədri 
O.ƏSƏDOV

 


MİLLİ  MƏCLİSİN  İCLASI

16 may  2017-ci il. Saat 12.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.

Qeydiyyat (saat 12.07 dəq.)
İştirak edir 102
Yetərsay 83

Çox sağ olun, yetərsay var. İclasımıza başlaya bilərik. Hörmətli millət vəkilləri, gündəlik sizə paylanıb. Gündəlikdə 10 məsələ var. Xahiş edirəm, gündəliyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.07 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 99
Nəticə: Qəbul edildi

Gündəlik qəbul edildi, sağ olun. Müzakirələrdə iştirak etmək istəyən var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda, xahiş edirəm, yazılın. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Mən gündəliyə səs vermişəm. Amma bu gün bir məsələ Azərbaycan ictimaiyyətini çox narahat edir. Bu da Rusiyada Ümumrusiya Azərbaycanlıları Konqresinin bağlanması ilə əlaqədar olaraq Rusiya Ədliyyə Nazirliyinin müraciətinə Ali Məhkəmənin baxıb qərar qəbul etməsidir. Qeyd etmək istərdim ki, Azərbaycanın  qonşu dövlətlərə, ümumiyyətlə, əməkdaşlıq etdiyi dövlətlərə münasibəti həmişə çox yaxşı olub. Lakin buna baxmayaraq, Rusiyada  bəzi dövlət məmurları öz şəxsi maraqlarını ümumdövlət marağından üstün tutaraq belə addımlar atırlar və Azərbaycanla Rusiya arasında yaranmış münasibətlərə xələl gətirməyə çalışırlar. Hesab edirəm ki, bu məsələlərin qarşısı alınmalıdır.
Azərbaycanda kifayət qədər Rusiya ilə bağlı məktəblər, institutlar, bağçalar var. Baxmayaraq ki, Ermənistanda rus dilində bağça belə yoxdur, Rusiyanın tanınmış dövlət nümayəndələri Ermənistan diasporu rəhbərinin ad gününə gedirlər. Təbii ki, gedə bilərlər. Öz işləridir, amma bununla yanaşı, Ümumrusiya Azərbaycanlıları Konqresinin bağlanması ilə bağlı  qərar qəbul olunur. Mən hesab edirəm ki, bu ümumi münasibətlərin pisləşməsinə xidmət edən bir addımdır.  Rusiya ilə bağlı hər hansı bir məsələ olduqda  ayrı-ayrı beynəlxalq təşkilatlar, dövlətlər tərəfindən bizə qarşı təzyiq olunmasına baxmayaraq, biz öz bitərəfliyimizi qoruyub saxlayırıq, hər hansı bir blokadaya almaya və ya başqa siyasətə qoşulmuruq, tərəfsiz siyasət yeridirik. Lakin bunun qarşılığını hiss etmirik, görmürük. Hesab edirəm ki, bununla bağlı parlament və dostluq qrupu ciddi bir müraciət etməlidir. Guya Rusiya bütün işlərini  başa çatdırıb,  bir dənə Ümumrusiya Azərbaycanlıları Konqresi və onun fəaliyyəti ilə bağlı  addımlar atması qalıb. Mən İctimai birliklər və dini qurumlar komitəsinin sədri kimi parlamentdə aidiyyəti strukturlara üz tuturam, yəni Azərbaycanın aidiyyəti strukturlarına  müraciət edirəm. Rəsmi də müraciət edəcəyəm ki, Rusiyanın Azərbaycanda fəaliyyət göstərən  qeyri-hökumət təşkilatlarının qanunvericilik baxımından Azərbaycan Respublikasının qanunlarına uyğun şəkildə fəaliyyət göstərməsi barədə  məlumat verilsin və biz bunu müzakirə edək.
Sədrlik edən. Sənin dəqiqən həmişə çatmır. Bir dəqiqə verin.
S.Novruzov. Çünki bu, ciddi və ictimaiyyəti narahat edən bir məsələdir. Bütün siyasi təşkilatları narahat edən bir məsələdir. Partiyalararası, dövlətlərarası əlaqələr var. Biz münasibətlərin korlanmasına xidmət eləyən addıma  yol verməməliyik. Bununla bağlı mən Rusiya parlamentini və oradakı dostluq qrupunu bu məsələlərə kömək göstərməyə çağırıram. Hesab edirəm, Rusiya dövlət başçısının da  bu məsələyə münasibəti olmalıdır ki, inkişaf edən bu münasibətlərə hər hansı bir xələl gəlməsin. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, Siyavuş müəllim. Siz bir söz işlətdiniz ki, beynəlxalq təşkilatlarda biz neytral mövqe tuturuq. Biz bütün beynəlxalq təşkilatlarda Rusiyanı həmişə dəstəkləmişik, dəstəkləyirik, söhbət bundan gedir. Buyursun Arif Rəhimzadə.
A.Rəhimzadə. Sağ olun, cənab Sədr. Mən də Siyavuş müəllimin qaldırdığı məsələ ilə əlaqədar bir-iki kəlmə demək istəyirəm. Həqiqətən, bu məsələ cəmiyyətdə çox xoşagəlməyən bir reaksiya törədibdir. İş bundadır ki, Ümumrusiya Azərbaycanlıları Konqresi Rusiyada hər şeydən savayı, ulu öndər Heydər Əliyevin yaratdığı bir təşkilat idi, onun vaxtında formalaşmışdı. Düzdür, təsdiqi bir qədər sonra olsa da, hər halda bu ideyanın başında Heydər Əliyev  durmuşdu. Belə bir təşkilatın ləğv edilməsi, mən hesab edirəm, təkcə diaspora deyil, Azərbaycana qarşı olan  xoşagəlməz  bir addımdır.
Azərbaycan ilə Rusiya arasında yaxşı münasibətlər var. Biz bunu hər yerdə danışırıq. Ancaq gəlin görək, bu münasibətlər ikitərəflidirmi? Mən əvvəllər də deyirdim, yenə təkrar etmək istəyirəm. Rusiya çar vaxtında apardığı siyasəti indi də müxtəlif formada  aparır. Çox təəccüblü bir məsələdir. Bu yaxında  bir Rusiya deputatı ilə  görüş olmuşdu. Mən orada bir sual verdim. Necə ola bilər ki, qondarma erməni soyqırımı ilə əlaqədar Rusiya Duması qərar qəbul edir, ancaq göz qabağında olan Xocalı soyqırımı ilə əlaqədar bir tədbir görmək istəmir. Nəyə görə Azərbaycanın qanunlarını pozmuş Lapşın haqqında Rusiya Xarici İşlər Nazirliyi müraciət edir, ancaq öz dədə-baba torpaqlarını ziyarət edən Dilqəm Əsgərov haqqında bir kəlmə də danışmaq istəmir? Ermənistan qanunsuz olaraq ona iş kəsib, bu saat məhbusdur. Mən hesab edirəm, bu, təsadüfi deyil. Düzdür, prezidentlər arasında çox yaxşı münasibətlər var. Mən belə  qənaətə gəlirəm ki, bütün məsələlər, görünür, Prezidentdən asılı deyil. Bu işi pozmaq istəyən qüvvələr var. Mən hesab edirəm, biz şəxsən  Rusiyanın Prezidenti Vladimir Putinə də müraciət etməliyik ki, belə şeylərə son qoysunlar. Azərbaycanda Rusiyaya münasibət həmişə yaxşı olub və biz bunu diasporun mövcudluğunda da görürük. Burada rus dilinə olan diqqətdə də görürük, Rusiya səfirliyinin buradakı fəaliyyətində də görürük, onun burada mədəni...
Sədrlik edən. Hamı bir dəqiqə istəyəcək. Mikrofonu bağlamayın. Amma xahiş edirəm, 3 dəqiqəyə çıxış edin. Buyurun.
A.Rəhimzadə. Bu məsələlər ikitərəfli olmalıdır. Düzdür, Rusiya böyük dövlətdir. Ancaq bu o demək deyil ki, onun hansısa qüvvələri bizi ayaqlayıb keçməlidir. Mən Siyavuş müəllimin təklifinə tərəfdaram ki, biz parlament adından  həm Rusiya Dumasına, həm də Prezident Vladimir Putinə müraciət edək, belə şeylərə son qoyulsun. Düzdür, diasporun fəaliyyətində müəyyən nöqsanlar olubdur. Qanunvericiliyə uyğun olmayan sənədlər hazırlanıbdır. Ancaq indi oraya təzə adam gedib. Bacarıqlı adamdır və qayda-qanun yaratmaq ərəfəsində Konqresi ləğv eləmək, hesab edirəm ki, nə Rusiyaya, nə də Azərbaycana xeyir gətirəcək. Sağ olun.
Sədrlik edən. Sağ olun. Arif müəllim, elə bir köhnə qeyri-hökumət təşkilatı tapa bilməzsiniz ki, onun sənədlərində nöqsan olmasın. Yəni bu nöqsanı bir var, axtarıb tapıb, ayıb olmasın, göstərəsən, bir də var ki, hər şeyi anlayıb tərəfsiz münasibət göstərəsən. Rusiya  həm də Minsk qrupunun həmsədridir. O həmişə öz tərəfsizliyini nümayiş etdirməlidir. Ancaq burada biz tərəfsizlik görmürük. Bu münasibət, həqiqətən, bizim hamımızı çox məyus edib. Buyursun Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli cənab Sədr. Oqtay müəllim, təşəkkür edirəm ki, şərait yarada bildiniz və biz bu məsələyə bir də qayıtdıq. Çünki bir müddət öncə Azərbaycan  mətbuatında həm ictimaiyyət nümayəndələri, həm də Milli Məclisin üzvləri Rusiya Ədliyyə Nazirliyinin  Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvi ilə bağlı verdiyi iddia haqqında fikirlərini bildirmişdilər. İndi də həmkarlarım artıq Ali Məhkəmənin ədalətsiz və qanunsuz qərarından sonra bu məsələni bir daha qaldırırlar və biz də bu fikri dəstəkləyirik.
Hörmətli həmkarlar, həm parlament üzvləri, həm də Azərbaycanın məhkəmə-hüquq sisteminin nümayəndələri öz həmkarları ilə bu məsələni ciddi müzakirə etmişlər. Baxmayaraq ki, işə Ali Məhkəmədə baxılır, bu, hüquqi məsələ kimi görünürdü. Amma biz keçən dəfə də araşdırdıq, bu məsələ, əslində, siyasi xarakter daşıyır. Ona görə də Rusiya tərəfi bilməlidir ki, bizim üçün bu, siyasi bir məsələdir.
Birinci, həmkarlarımın söylədiyi kimi, Ümumrusiya Azərbaycanlıları Konqresində yüz minlərlə azərbaycanlı birləşib. Həmin azərbaycanlılar öz vətənləri ilə sıx bağlıdırlar. Amma Rusiya vətəndaşı kimi onlar Rusiya dövlətinə də hər zaman dəstək verirlər. Bax bu baxımdan bu qərar anlaşılmayandır. Əslində, bu qərar təkcə Rusiya–Azərbaycan münasibətlərinə deyil, hesab edirik ki, Rusiyanın özünün ictimai mühitinə də mənfi təsir edən bir amildir. Eyni zamanda, siz bilirsiniz ki, son bir neçə il ərzində Azərbaycan ilə Rusiya arasında münasibətlər strateji əməkdaşlıq səviyyəsinə  yüksəlmişdir. Bütün sahələrdə, həm siyasi, həm humanitar, həm də mədəni sahələrdə parlamentlərarası əlaqələr ən yüksək səviyyədədir. Rusiya tərəfi bilməlidir ki, Ali Məhkəmənin qəbul etdiyi bu qərar Azərbaycan–Rusiya münasibətlərinə ciddi ziyan vurur. Yəni vura bilər  deyil, ciddi ziyan vurur.
Biz çox ümidvarıq ki, növbəti mərhələdə, yəni nə qədər ki Ali Məhkəmənin qərarı qüvvəyə minməyib, ona düzəliş olacaq. Hesab edirəm, həmkarlarım bir məsələdə haqlıdırlar ki, Azərbaycan–Rusiya münasibətlərinə Rusiya tərəfi daha düzgün qiymət verməlidir. Bu illər ərzində Azərbaycan Rusiya ilə bağlı bütün sahələrdə həm  beynəlxalq təşkilatlarda, həm də ikitərəfli münasibətlərdə ona dəstək vermişdir. Bilirsiniz ki, son dövrlərdə bir sıra yeni tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulurdu. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli həmkarlar! Sözü gedən qərarla bağlı münasibətimi bildirmək üçün rus yazıçısı Tütçevdən misal demək istəyirəm. Rusiyanı başa düşmək mənasında çox məşhur misaldır. Deyir ki, “умoм Россию не понять”. Yəni ağılla Rusiyanı dərk eləmək mümkün deyil. Gerçəkdən də, bu belədir. Sanki bu, Ermənistanın Ali Məhkəməsinin plenumunda çıxarılmış qərardır və bu  mövqe ermənilərin Rusiya dövləti üzərində qələbəsi sayıla bilər. Amma son yüz ilin tarixinə baxsanız, görəcəksiniz ki, o dövlətçilik erməniləri Kreml ətrafına yığanda sarsılıb. Azərbaycanlıların təşkilatlanmasından, yüz minlərlə soydaşımızın orada vahid bir qüvvəyə çevrilməsindən kimlər narahatdır? Niyə bunu təhlükə kimi səciyyələndirirlər və 2012-ci ildən başlayan bu siyasəti sistem halında həyata keçirən kimlərdir? Azərbaycan–Rusiya hərbi əlaqələrindən, əməkdaşlığından kimlər narahatdır? Biz bu bölgədə gücləndikcə rus silahlarının ermənilərə qarşı işləməsi  Qafqazın Rusiya təsirindən çıxması deməkdir.
Azərbaycanın enerji resursları İtaliyaya, Avropaya gedib çıxdıqda guya Rusiyanın Qərbdə enerji mənafeləri sarsılacaqdır deyə düşünən və deyinən qüvvələr kimlərdir? Mən hesab edirəm ki, “bəzi” sözünü deməyin artıq yeri yoxdur. Çünki bu şəxs hazırda Rusiya Dumasının rəhbəri olan Vyaçeslav Volodindir. Bu adam böyük iddialarla, ambisiyalarla yaşayır, özünü Putinin yerində görür. Bu, əlbəttə, onların öz daxili işləridir. Sonuncu iclasların birində  onunla bağlı məsələyə mövqe bildirilmişdi. Ancaq düşünürəm ki, bütün bu məsələlər fonunda Azərbaycanda antirusiyaçılığı gücləndirmək Qərb ilə Azərbaycan münasibətlərini Rusiyanın əleyhinə qəbul edənləri bir az da  sərtləşdirəcək. Elə hesab edirəm ki, bu məsələdən irəli gələrək Azərbaycan–Rusiya münasibətlərini tamamilə sarsıtmaq istəyənlərə meydan verməmək üçün biz soydaşlarımızın orada parçalanmasına qətiyyən yol verməməliyik, günahkar axtarışına çıxmamalıyıq.
Mən indi mediada bu meyilləri görməkdəyəm. Əksinə, səfərbər olmaq lazımdır.  Azərbaycanı Rusiyanın əleyhinə səngərə itələyərək 1990-cı illərin münasibətlərini Putin dövrünə qaytarmaq üçün də meydan verməli deyilik. Əlbəttə, bir daha söyləyirəm,  azərbaycanlıları orada pultla idarə etmək, Kremldən yönəltmək, hansısa bir milyarderlər ittifaqı əsasında yalnız azərbaycanlıların təşkilatını görmək, o cümlədən Azərbaycanı idarə etmək istəyənlərə meydan verməmək üçün biz bundan sonrakı dövrdə daha da sistemli və ciddi addımlar atmalıyıq. Əminəm ki, ədalət təntənə çalacaq və nəhayət, o təşkilatın qeydiyyatı bərpa olunacaq.
Sədrlik edən. Sağ olun. Bahar Muradova.
B.Muradova. Təşəkkür edirəm, cənab Sədr. Mən həmkarlarımın bir çox fikirləri ilə şərikəm. Hesab edirəm ki, həqiqətən də, vəziyyət ciddi narahatlığa əsas yaradır. Yalnız ona görə yox ki bu məsələ Azərbaycanla Rusiya arasında olan məsələdir. Bu məsələ ilk növbədə Rusiyanın məsələsidir. Rusiyanın daxili işidir, Rusiyanın öz vətəndaşlarına olan münasibətidir. Rusiyanın sərbəst toplaşmaq azadlığına, Rusiyanın ərazisində yaşayan çoxsaylı xalqların, etnik qrupların öz mədəniyyətlərini, öz dillərini sərbəst inkişaf etdirməsinə olan münasibətdir. Hər halda mən düşünmürəm ki, Rusiya kimi böyük bir dövlətin rəsmi siyasəti belə bir addımı məqsədli şəkildə atıb. Biz də Azərbaycanda rus dilini,  mədəniyyətini ona görə inkişaf etdirmirik, rus dilində məktəblərin sayını ona görə çox etmirik ki, bu Rusiyaya xoş gəlsin və bunun müqabilində bizim azərbaycanlılara xoş münasibət əldə edək. Biz rus kökənli vətəndaşlarımız ilə münasibətlərimizi qanun çərçivəsində qururuk, onların dilinə, mədəniyyətinə hörmətlə yanaşırıq və əlbəttə ki, adekvat münasibətin digər ölkələrdə yaşayan azərbaycanlılara da göstərilməsini tələb etməkdə haqlıyıq. Biz bu münasibəti ona görə göstəririk ki, Azərbaycanda tolerant bir mühit var. Hər bir xalqın, hər bir etnik qrupun nümayəndələri sərbəst şəkildə ilk vətənləri ilə münasibətlərini saxlayırlar. Həmin ölkələrlə olan əlaqələri Azərbaycandakı vətəndaş hüquqlarının reallaşdırılmasında heç bir maneçilik törətmir. Bunlar yalnız bir-birini tamamlayan bir məsələ kimi çıxış edir. Ona görə, mən düşünürəm ki, istər mətbuat səhifələrində, istərsə də  burada məsələyə münasibət bildirərkən fantaziyanın gücündən çox istifadə edərək ən müxtəlif dərinliklərə baş vurmalı deyilik. Sadəcə, bu məsələnin hüquq müstəvisində araşdırılmasına, dəyərləndirilməsinə və qərar verilməsinə çalışmalıyıq.
Rusiyada Azərbaycanı istəməyən dairələr var, bəli, bu gizli deyil. Amma uzun əsrlər boyu bizim Rusiya ilə münasibətlərimiz strateji tərəfdaşlıq münasibətlərinə qədər gəlib çıxıbsa, deməli, Rusiyada Azərbaycanın dostları daha çoxdur. Rusiya ilə Azərbaycan arasındakı münasibətlərin yüksək standartlara uyğun olmasını istəyənlər daha çoxdur və bu, Rusiyanın ən müxtəlif təbəqələrinin nümayəndələri, tanınmış ziyalıları, siyasətçiləri, politoloqları tərəfindən də açıq  şəkildə vurğulanır. Mən hesab edirəm ki, biz bu münasibətləri korlamaq cəhdində olub, lakin buna gücü çatmayacaq bir qrupun Azərbaycana yönəlik düşmənçilik hərəkətlərinə sövq edərək atdıqları addımların  daha çox  Rusiyanın özünün daxili ictimai-siyasi münasibətinə gərginlik gətirəcək bir hal olduğunu dostlarımız ilə müzakirə etməli və onları bu hərəkətlərdən çəkindirmək üçün öz imkanlarını işə salmağa çağırmalıyıq. 
Yerdən. (Eşidilmir.)
B.Muradova. Zahid Oruc, bəlkə icazə verəsən, danışaq? Onları bu məsələləri öz vətəndaşları ilə  hüquq müstəvisində həll etməyə çağırmalıyıq.
Mən hesab edirəm ki, bu məsələ son nəticədə öz həllini tapacaq. Çünki məhkəmə orqanlarının yüksək instansiya məhkəməsinə, apellyasiya məhkəməsinə şikayət etmək imkanı vardır və azərbaycanlı Rusiya vətəndaşlarından da tələb olunur ki, onlar indiyə qədər buraxdıqları nöqsanları qısa şəkildə aradan qaldırsınlar. Həm təşkilatın yaradılması və fəaliyyətindəki, həm də  Rusiya dövləti ilə  münasibətlərindəki  problemləri aradan qaldırsınlar. Habelə birliyə, həmrəyliyə, öz aralarında olan dostluğa və vahid mövqedən çıxış etməyə söykənərək bu məsələnin həllində çox gözəl vasitəçi olsunlar. Hesab edirəm ki, Ümumrusiya Azərbaycanlıları Konqresinin özünün bu məsələdə tutacağı mövqe çox əsasdır. O, bunun hansısa qarşıdurma  həddinə gəlib çıxmasına  imkan verməməlidir. Bunu qanunlar çərçivəsində hüquq müstəvisində həll etməyə çalışmalıdır. Hesab edirəm ki, bu məsələnin yaxın bir zamanda həllinin şahidi olacağıq. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Əflatun Amaşov.
Ə.Amaşov. Hörmətli cənab Sədr, hörmətli həmkarlar, hörmətli media nümayəndələri! Rusiya kimi bir dövlətin, özü də Azərbaycanı strateji tərəfdaşı hesab edən bir dövlətin bu addımı mənim üçün gözlənilməzdir. Bu, adamda təəccüb və hiddət yaradır. Xatırladıram ki, qapadılan konqres dünya azərbaycanlılarının diaspor təşkilatları arasında xüsusi yer tutur. Lakin Rusiya hakimiyyətində olan bəzi antiazərbaycan və ermənipərəst qüvvələr cidd-cəhdlə təşkilatın hüquqi baxımdan ləğvini həyata keçirdilər. Təəssüf ki, Rusiyanın Ali Məhkəməsi ölkənin Ədliyyə Nazirliyinin müraciətini müsbət dəyərləndirdi. Əlbəttə, əgər konqresin dövlət qeydiyyatı ləğv olunursa və qurum fəaliyyətini dayandırırsa, bu ilk növbədə tarixən formalaşmış və xoş ənənələrə malik Azərbaycan–Rusiya münasibətlərinə mənfi təsirdir. Çünki bu gün azərbaycanlılar Rusiyanın ictimai-siyasi və mədəni-iqtisadi həyatının ən müxtəlif sahələrində çox fəaldırlar. Onlar seçkilərdə iştirak edib ölkənin müqəddəratını müəyyənləşdirir, vergi ödəyicisi kimi üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər. Bütün bu fəaliyyətdə konqres mühüm rol oynayıb. Belə bir təşkilatın dövlət qeydiyyatının ləğvi  azərbaycanlılarda xoşagəlməz ovqat formalaşdıracaq, ciddi narahatçılıq doğuracaq.
Üstəlik, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçidir. Konqresin fəaliyyətinin dayandırılması kimi nalayiq kampaniya isə dediyim kimi, Rusiyanı və Azərbaycanı sevməyən qüvvələrin işidir. Buna görə də Rusiya ictimaiyyətinin fəal kəsiminə, rusiyalı deputat həmkarlarımıza müraciət etməliyik. Onları təşkilatın ləğvinə reaksiya verməyə, əsil həqiqəti bəyan və müdafiə etməyə, qurumun fəaliyyətinin bərpasına çağırmalıyıq. Həqiqət isə bundan ibarətdir ki, konqres heç bir halda Rusiya qanunvericiliyinə zidd fəaliyyət göstərməyib, göstərə də bilməz. Qurum üzərinə düşən öhdəliyi milli və azsaylı xalqlara məxsus digər təşkilatlardan daha intizamlı şəkildə yerinə yetirib. Bir daha deyirəm, bütün bunların Azərbaycan parlamenti adından Rusiya Dövlət Duması deputatlarına müraciət formasında bildirilməsinə ehtiyac var. Eyni zamanda, onu da nəzərinizə çatdırıram ki, Azərbaycan Mətbuat Şurası ölkə jurnalistlərinin adından Rusiya jurnalistlərinə  müraciət ünvanlayıb. Biz bu məsələnin işıqlandırılmasında Rusiya jurnalistlərindən obyektiv olmağı, peşəkarlıq prinsiplərinə əməl etməyi xahiş etmişik. Diqqətinizə görə minnətdarlığımı bildirirəm, sağ olun.
Sədrlik edən. Sağ olun. Aydın Mirzəzadə.
A.Mirzəzadə. Təşəkkür edirəm, Oqtay müəllim. Dünəndən bəri Azərbaycan ictimai fikrinin ən əsas müzakirə etdiyi məsələ Rusiya Ali Məhkəməsi tərəfindən Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğv edilməsidir. Bu, Azərbaycan ictimaiyyətini çox narahat edir və biz qəbul edilmiş qərardan məyusluğumuzu bildiririk. Bu heç də təsadüfi deyil. Bu, milyonlarla Rusiya vətəndaşı olan azərbaycanlıları birləşdirən çox ciddi və fəaliyyətdə olan bir təşkilat idi. Təkcə Moskva şəhərində azərbaycanlılar say etibarilə artıq üçüncü etnik icma sayılırlar və Rusiya vətəndaşı olan azərbaycanlılar həmişə Rusiya dövlətçiliyinə sadiq olublar. Həmişə Rusiyanın apardığı siyasətə loyal yanaşıblar,  Rusiya ilə Azərbaycan arasında humanitar körpü olmağa çalışıblar. Bunun qarşısında isə Rusiyanın öz vətəndaşlarının ictimai birlikdə birləşmək, öz mədəniyyətini, dilini qoruyub saxlamaq hüququna etinasız yanaşması, yəni dünən qəbul etdiyi qanunsuz və ədalətsiz bir qərar heç də başadüşülən deyil və təşkilatın nizamnaməsində, fəaliyyətində hansısa nöqtə-vergülə irad bildirərək milyonlarla insanı birləşdirən bir təşkilatın qeydiyyatını ləğv etmək, hesab edirəm ki, ilk növbədə onların hüquqlarının pozulmasıdır. Əlbəttə, bu, Rusiya dövlətinin daxili işidir. Həmin təşkilatda birləşən insanlar da Rusiya dövlətinin vətəndaşlarıdır. Amma Azərbaycan xalqı bu məsələyə biganə qala bilməz. Çünki bu təşkilatda birləşən azərbaycanlılar bizim həmvətənlərimizdir. Onlar həm Rusiya vətəndaşı, həm də azərbaycanlı olmaqla Rusiya–Azərbaycan münasibətlərinin möhkəmlənməsinə çox böyük kömək göstərirlər.
Rusiyada diaspor təşkilatları çoxdur. Məgər Rusiya ermənilər ittifaqının fəaliyyətində problem yoxdurmu, məgər onun nizamnaməsində, bəyanatlarında,  hərəkətlərində  Rusiyanın milli maraqlarına zərər vuran məqamlar yoxdurmu? Həmin təşkilat özünü Ermənistanın bir hissəsi kimi aparır. Amma nədənsə bu təşkilat barədə hər hansı bir fikir bildirilmir. Mən Rusiya Məhkəməsinin bu qərarını pisləyirəm və bunun Rusiya–Azərbaycan münasibətlərinə nə cür təsir edəcəyinə məsuliyyət daşıdıqlarını bildirirəm. Bununla belə, qərarın nə cür olmasından asılı olmayaraq mən Rusiya ilə münasibətlərin yenə də yüksək səviyyədə saxlanmasını, Rusiya ilə istənilən məsələnin danışıqlar yolu ilə, yaxın qonşuluq, dostluq münasibətləri istiqamətində həll edilməsinin tərəfdarıyam. Ümid etmək istəyirəm ki, Rusiya rəhbərliyi, ilk növbədə Rusiya Prezidenti cənab Vladimir Putin vaxtilə təsis konfransında iştirak etdiyi Ümumrusiya Azərbaycanlıları Konqresinin taleyinə biganə qalmayacaq. Sağ olun.
Sədrlik edən. Baxıram, həmkarımız Mixail Zabelin yazılıb. Rus icmasının rəhbəri kimi o, dəfələrlə məktub yazıb, görək nə deyir?
M.Zabelin. Спасибо, Октай муаллим. Уважаемые депутаты, нас, русских граждан Азербайджана, не может не беспокоить ситуация, которая сложилась вокруг Всероссийского Азербайджанского Конгресса. За последнее время мы неоднократно обращались в различные органы и структуры Российской Федерации; 4 апреля – с заявлением и 11 мая – с обращением к структурам Российской Федерации. Россия так же, как и Азербайджан – многонациональная страна и зачастую они говорят о высокой толерантности в Российской Федерации, но, к сожалению, данный момент никак не может подтверждать то, что ко всем нациям и народностям в Российской Федерации относятся так же, как и у нас в Азербайджане.
Мы, русские, проживающие в Азербайджане, – и сегодня здесь отмечалось, – мы высоко оцениваем уважительное отношение азербайджанского народа к русскому языку, к русской культуре, к истории России, к нашим ценностям и, безусловно, нас удивляет, и это было отображено в заявлении, та позиция, которая сложилась вокруг Всероссийского Азербайджанского Конгресса. За последнее время и последнюю неделю, я неоднократно связывался с руководством Всероссийского Азербайджанского Конгресса и, честно говоря, у меня была уверенность, что Верховный Суд Российской Федерации примет правильное решение. Но уже в 8 часов вечера, созвонившись с ВАКом, я узнал, что суд фактически подтвердил исковое заявление Министерства Юстиции.
У нас есть еще месяц. Месяц для того, чтобы исправить положение, чтобы в Аппеляционном Суде Российской Федерации и на Коллегии Верховного Суда отменить это решение и дать возможность провести хотя бы внеочередной съезд Всероссийского Азербайджанского Конгресса, который бы исправил то положение, которое сложилось сегодня. Я глубоко благодарен выступлениям сегодня на заседании Милли Меджлиса, благодарен нашим депутатам, которые очень взвешенно оценили ситуацию вокруг Всероссийского Азербайджанского Конгресса и, безусловно, поддерживаю все их выступления. Думаю, что и наша межпарламентская российско-азербайджанская комиссия и наша рабочая группа по дружбе с Россией должны очень категорично высказать свою позицию и добиться все-таки отмены решения Верховного Суда. Спасибо за внимание.
Sədrlik edən. Спасибо. Elman Nəsirov.
E.Nəsirov. Çox sağ olun, cənab Sədr. Hörmətli həmkarlar, mən də hesab edirəm ki, Rusiya Ali Məhkəməsinin Ümumrusiya Azərbaycanlıları Konqresinin fəaliyyətinə  xitam verilməsi ilə bağlı qərarı heç bir halda hüquqi qərar deyil, siyasi motivli bir qərardır. Belə bir qərar Rusiyada yaşayan yüz minlərlə azərbaycanlı soydaşımızın, eyni zamanda, dünyada yaşayan milyonlarla azərbaycanlının və təbii ki, Azərbaycan ictimaiyyətinin çox haqlı narahatlığına və etirazına səbəb olub. Biz müqayisə aparırıq ki, bu yaxınlarda Rusiyada  Rusiya ermənilər ittifaqının rəhbəri Abramyanın 60 yaşı tamam oldu və onun yubileyinə Rusiyanın ali siyasi dairələrinin təmsilçiləri qatıldılar.
Cənab Sədrin qeyd etdiyi kimi, Rusiya həmsədr dövlətdir, həmsədr dövlət, təbii ki, belə məsələlərdə tərəfsiz mövqedə dayanmalıdır, amma təəssüf ki, biz fərqli bir yanaşmanın şahidi olduq. Mənə elə gəlir ki, Rusiyadakı sağlam qüvvələr, Rusiyanın ali rəhbərliyi heç zaman belə bir faktı unutmaz ki, bu günə qədər Amerika Birləşmiş Ştatları başda olmaqla Qərbin Rusiyaya qarşı tətbiq etdiyi maliyyə və iqtisadi sanksiyalara Azərbaycan qoşulmayıb. Azərbaycanın Qərbin  nəhəng beynəlxalq siyasi dairələrinin təzyiqlərinə davam gətirməsi çox çətin məsələdir. Amma Azərbaycan Prezidentinin qətiyyətli mövqeyi var və biz heç bir zaman Rusiya əleyhinə belə sanksiyalara qoşulmamışıq. Bizim siyasi xəttimiz var, biz ona sadiqik. Yəni Azərbaycan hər zaman Rusiya ilə mehriban qonşuluq, dostluq, strateji tərəfdaşlıq münasibətlərinə sadiq qalıb və bu gün də həmin siyasət həyata keçirilir. Niyə məhz indi Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvi ilə bağlı belə bir qərar qəbul edilir? Mənə elə gəlir ki, bu, siyasi təzyiq elementidir,  2012-ci ildə də biz analoji dəsti-xəttin şahidi olmuşduq, çünki 2013-cü ildə Azərbaycanda Prezident seçkiləri idi, bu da bir təzyiq üsulu idi, yenə də biz eyni ssenarinin şahidiyik. Ölkəmizdə gələn il, yəni 2018-ci ildə Prezident seçkiləridir. Yenə də eyni siyasi dairələr, yəni antiazərbaycan siyasi dairələri, ermənipərəst qüvvələr birləşib Azərbaycana qarşı belə bir təzyiq yolunu seçiblər. Biz inanırıq ki, Rusiyanın ali rəhbərliyi Azərbaycan kimi strateji tərəfdaşının maraqlarını, ilk növbədə öz maraqlarını nəzərə alıb belə bir ədalətsiz qərarın ləğvi istiqamətində konkret əməli addım atacaq. Təşəkkür edirəm. 
Sədrlik edən. Sağ olun. Fazil Mustafa.
F.Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Hesab edirəm ki, biz  baş verən faktın ciddi təhlilini, həqiqətən də, aparmalıyıq. Sizə də təşəkkür edirəm ki, ən azı müzakirə etməyimiz üçün imkan yaratdınız. Biz diqqətlə baxmalıyıq ki, Rusiyada nə baş verib? Əslində, Ümumrusiya Azərbaycanlıları Konqresi azərbaycanlıların tam şəkildə diaspor fəaliyyətinə cəlb edilməsi, yaxud da orada Rusiya siyasi hakimiyyətinə təsir mexanizminə malik, Rusiya hakimiyyəti üçün təhlükə törədən bir qurum deyildi. Niyə Rusiya hakimiyyəti bu qurumu ləğv eləmək qərarına gəldi?
Birinci növbədə ya Azərbaycandan idarə olunan Azərbaycan diasporunu arzulamırlar, ya da müstəqil fəaliyyət göstərən diaspor təşkilatını arzulamırlar. Digər tərəfdən Ümumrusiya Azərbaycanlıları Konqresi həmişə Kremlin yanında olub, Rusiya hakimiyyətinə də həmişə dəstək verib. Elə Rusiyanın niyyəti Kremlin içində olan Azərbaycan diaspor təşkilatıdır. Dəfələrlə buna cəhd ediblər, artıq yanında olan təşkilat da onu qane eləmir, ona görə də bu cür hüquqi mexanizmin içində görüntü verərək, əslində, ciddi siyasi qərara imza atıblar. Təbii ki, Rusiya böyük bir dövlətdir, bizim Rusiya ilə hər hansı bir şəkildə sərt davranış imkanlarımız da nəzərə alınaraq müəyyən addımlarımızı ölçüb-biçib atmalıyıq. Amma hər halda biz müstəqil dövlətik, müəyyən addımlar atmağımız vacibdir.
Xocalı abidəsinə yaxın bir yerdə diqqət eləsəniz, görərsiniz ki, dördmərtəbəli binadır, Rusiyanın mədəniyyət və informasiya mərkəzi yazılıb. Bizdə Türkiyənin, İranın var, Amerikanın Mədəniyyət Mərkəzi var, amma heç birinin informasiya mərkəzi yoxdur. Nöqtə-vergül axtarsaydıq, elə “informasiya” sözündə axtarardıq və Rusiyanın hansı məqsədlə bu informasiya mərkəzini yaratdığı məsələsi üzərinə gedə bilərdik. Bir çox məsələlər var ki, bizim qeyri-dostcasına addımlar atmaq imkanımız olduğu  halda, biz bu qonşuluq münasibətlərini pozmamaq üçün daha səbirli, daha fərqli davranış sərgiləyirik.
Qarabağ məsələsində ermənilərə dəstək verməsi, Ermənistan ordusunu silahlandırması, silahlar verməsi və sair Azərbaycanın əleyhinə olan fəaliyyətlərdir. Amma bununla belə Azərbaycan bir çox məsələlərin üzərindən keçərək Rusiya ilə başqa ölkələrin hökmü ilə hərəkət eləmir,  dost, qonşu kimi davranır. Ona görə müvafiq sahələrdə olan jurnalistlərdən tutmuş din xadimlərinə, siyasətçilərə, parlament üzvlərinə qədər hamı özünə aid olan sahəyə müraciət eləməlidir. Digər tərəfdən bununla yanaşı, biz yeni təşkilatlanma formasına keçid barədə düşünməliyik. Əgər hüquqi qərar verildisə, daha güclü bir təşkilat yaratmaq istiqamətində fəaliyyət göstərməliyik.
Sədrlik edən. Sağ olun. Bir neçə nəfər də çıxış eləsin, sonra müzakirələri bitirək. Elmira Axundova.
E.Axundova. Çox sağ olun, hörmətli Sədr, imkan yaratdınız. Mən də hadisənin bu həddə çatmasını, düzü, heç gözləmirdim və çox məyusam. Bizim rus mədəniyyətinə, rus dilinə olan müstəsna münasibətimizi orada heç kim qiymətləndirmir. Biz həmişə deyirdik ki, Azərbaycanda rus dilində 400 məktəb fəaliyyət göstərir, universitetlərdə rus fakültələri var, Rusiya universitetlərinin filialları yaradılır. Yüz minlərlə rus vətəndaş burada rahat şəraitdə yaşayır. Biz birdəfəlik bilməliyik ki, bizi Rusiyada istəmirlər, bizim qüvvətlənməyimizdən ehtiyat edirlər və bu qərar da bunun tam təsdiqidir. Siyasi  qərardır, hamı bunu başa düşməlidir, ancaq prinsipial məsələ olduğu üçün, əlbəttə, biz buna etinasız yanaşa bilmərik. Amma əks addım atmağa, gəlin, tələsməyək, təxribatlara uymayaq, bəlkə  elə antiazərbaycan qüvvələr də bunu gözləyirlər, bütün aləmə car çəkmək istəyirlər ki, görürsünüz, Azərbaycanda da təşvişlər başlayıb.
Kimsə deyə bilər ki, gəlin, Rus İcmasını qapadaq, onların qeydiyyatına təzədən baxaq, əsla bunu eləmək lazım deyil, mən bunun əleyhinəyəm, çünki Mixail Zabelin başda olmaqla Rus İcması  həmişə Azərbaycanın ərazi bütövlüyünü,  dövlətçiliyini  qoruyub, müdafiə edib. Onlar bizim vətəndaşlarımızdır və biz onları  qoruyuruq və bundan sonra da qoruyacağıq. Biz Rusiyadakı kimi addım ata bilmərik və atmayacağıq. Mən optimistəm və inanıram ki, bu vəziyyətdən  uğurla çıxacağıq. Mən yeni rəhbərliyə inanıram, yeri gəlmişkən, demək istəyirəm ki,  bəzi mənalarda elə bizdə də daxili çəkişmələr var idi, o da buna gətirib çıxardı. Lakin  ÜAK-ın təzə rəhbərliyi sağlam rəhbərlikdir, lazım gəlsə, fövqəladə qurultay da çağırılmalıdır. Təşkilat yenidən qeydiyyatdan keçməlidir, hər halda ÜAK Rusiyada fəaliyyətini yüksək səviyyədə davam etdirməlidir. Başqa cür ola bilməz. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Fərəc Quliyev.
F.Quliyev. Təşəkkür edirəm, cənab Sədr. Mən deputat həmkarlarımın fikirlərinin əksəriyyəti ilə razılaşıram, amma, hesab edirəm ki, adekvat münasibət bildirmədikcə Rusiya öz xəttini yeridəcək. Biz tarixdə, – bayaq burada həmkarlarım da toxundu, – ta Azərbaycanın bölünməsindən tutmuş çar Rusiyasının Azərbaycana qarşı etdiklərinə qədər onların mövqelərini görmüşdük. Amma ən yeni tariximizdə 20 yanvar da yaddan çıxmayıbdır. Burada Xocalı soyqırımı məsələsi müzakirə olunanda mən  təkid etdim ki, 366-cı alay Sovet İttifaqının ordusu kimi deyil, Rusiya ordusu kimi göstərilməlidir. O dönəmdə Sovet İttifaqı yox idi, Rusiya var idi və siyasi-hüquqi məsuliyyətin də təkcə Ermənistanın deyil, həm də Rusiyanın daşıdığını  oraya salmaq lazım idi, çox təəssüf ki,  salınmadı. Son zamanlar  Rusiyada milyarderlər ittifaqını yaratmaqla, Dağıstanın da prezidentini ora daxil etməklə Azərbaycana qarşı hər cür tədbir gördülər. Bir milli şura yaratdılar və  Azərbaycanda da Azərbaycanı parçalamaq üçün hər bir tədbirə əl atdılar.
Son zamanlar Xarici İşlər Nazirliyinin rəsmisinin Azərbaycana olan münasibətini də gördük. Azərbaycana olan münasibət  onu göstərir ki, bu,  zəncirvari şəkildə davam edir.  Rusiyanın özü Minsk Qrupunun üzvü ola-ola, Ermənistanı silahlandırır, bu bölgədə silah  kvotasını pozaraq orada xeyli silah yerləşdirir, Ermənistan 1 il əvvəl aprel döyüşlərində  məğlub olduğu halda onun arxasında dayanır, müxtəlif bəyanatlar verir. Bütün bunlar onu göstərir ki, bu düşünülmüş bir siyasətdir və bizim də yumşaq davranmağımız doğru deyil. Orada milyonlarla azərbaycanlı yaşayır və doğru qeyd olundu ki, Rusiyada  alimlərimiz, akademiklərimiz çox normal şəkildə işləyirlər və xidmətləri böyükdür. Amma göründüyü qədər Rusiya istəmir ki, bizim elitamız orada Rusiya siyasi dairələri ilə ünsiyyətdə olsun, Dumada iştirak etsin. Onlar çalışırlar ki, biz onların yalnız bazarlarında olaq, xammal aparaq. Onlar siyasi xətlərində Azərbaycana haqlı münasibətin formalaşmasında diasporumuzun gücünü aradan qaldırmağa çalışırlar. Bu da düşünülmüş siyasətdir.
Burada qeyd olundu, Azərbaycanda yüzlərlə rus məktəbi var. Azərbaycanda cəmi 200  min rus kökənli azərbaycanlı yaşayır.  Rusiyada milyonlarla  azərbaycanlı yaşayır, amma orada məktəblər yoxdur. Orada bazar günü məktəbləri var. Onda qoy burada da bazar günü məktəbləri olsun. Azərbaycanca danışsınlar, Azərbaycan dilini öyrənsinlər, təhsillərini azərbaycanca alsınlar. Necə ki, Rusiyada yaşayan azərbaycanlılar edirlər. Mən hesab edirəm ki, bu münasibətlərə yenidən baxmaq lazımdır. Azərbaycan dəfələrlə Qərb təsisatları ilə münasibətlərinə məhz Rusiyaya görə xələl gəlməsi məsələsi ilə rastlaşıbdır. Buna baxmayaraq, Azərbaycanın Qərb təsisatları ilə yaxşı münasibətləri var və davam etdirə bilər. Hesab edirəm, Rusiyadan silah  almağa da son qoymaq lazımdır. NATO-ya inteqrasiya olunmaq lazımdır, Qərb təsisatlarına getmək lazımdır. Gürcüstan kimi, Baltikyanı ölkələr kimi Qərb ölkələri ilə  münasibətlər qurmaq lazımdır. Rusiyanın siyasətinin dəyişəcəyinə isə mən qətiyyən inanmıram.
Sədrlik edən. Sağ olun. Vahid Əhmədov.
V.Əhmədov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli mətbuat! Əlbəttə, qəbul edilmiş qərar Azərbaycan üçün, mən deyərdim ki, çox lazımsız bir qərardır. Amma biz Azərbaycanın müstəqillik tarixinə  nəzər salsaq, görərik ki, müstəqillik dövründə Rusiya dövləti Azərbaycana müəyyən vaxtlarda belə təhdidlər edib. İstər Azərbaycanın müstəqilliyinin ilk dövründə  Bakı–Ceyhan boru kəmərini çəkəndə, istər Bakı–Ərzurum qaz kəmərini çəkəndə, ümumiyyətlə, Azərbaycanda Prezident seçkiləri keçiriləndə belə hallara çox rast gəlmişik və həmişə də buna hazır olmalıyıq. Yəni Rusiya dövləti faktiki olaraq Azərbaycanın müstəqilliyini,  Azərbaycanın dövlət başçısının apardığı müstəqil siyasəti qəbul etmək istəmir. Ona görə də istər-istəməz müxtəlif vaxtlarda Azərbaycana təhdidlər etməyə çalışır. Burada siz də qeyd etdiniz, baxmayaraq ki, Rusiya dövləti ATƏT-in üzvüdür, həmsədridir, amma Ermənistan dövlətinə silah verir, yardım edir. Ermənistanın faktiki olaraq strateji müttəfiqi kimi onu hərtərəfli müdafiə edir, lakin Azərbaycan dövlətinə qarşı belə təhdidlər irəli sürür. Biz buna, ümumiyyətlə, hazır olmalıyıq, Azərbaycanın müstəqilliyinin əbədi, daimi olması üçün burada qeyd edildiyi kimi, onun artıq Avropaya inteqrasiyasını daha da sürətləndirməliyik, Azərbaycanın Rusiyadan silah almasının qarşısı müəyyən qədər  alınmalıdır. Azərbaycan NATO-ya üzv olmağa daha çox meyil göstərməlidir, mən belə hesab edirəm. Amma  Azərbaycanda yaşayan ruslara qarşı  münasibət yenə də eyni səviyyədə saxlanılmalıdır, ona toxunmağa ehtiyac yoxdur. Bu məsələlər strateji məsələlərdir. Bu məsələlərdə çox ehtiyatlı olmaq lazımdır. Mən belə hesab edirəm ki, bu məsələ, ümumiyyətlə, bizim üçün o qədər də lazımlı məsələ deyil. Yəni bu məsələlərə toxunmaq lazım deyil.
Mən başqa bir məsələyə toxunmaq istəyirəm, Oqtay müəllim. Son vaxtlar Azərbaycan mətbuatında Beynəlxalq Bank ilə əlaqədar çox ciddi problemlər üzə çıxıb. Azərbaycanın dövlət başçısının 2016-cı ildə bu bankın sağlamlaşdırılması ilə əlaqədar xüsusi fərmanı olmasına baxmayaraq, burada olan problemlər, gedən proseslər çox ciddi nəticələrə gətirib çıxarır və Azərbaycanın maliyyə bazarına, onun milli valyutasına çox ciddi təsir etmək imkanına malikdir. Ona görə də mən belə hesab edirəm ki, Azərbaycanın rəsmiləri faktiki olaraq  yaranan bəzi problemləri aradan qaldırmaq üçün dövlət televiziyasında məlumat verməlidirlər. Çünki Beynəlxalq Bankda yaranmış vəziyyət çox ciddi müzakirə obyektidir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev çıxış etsin və yavaş-yavaş bitirək. Buyursun Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox təşəkkür edirəm, Oqtay müəllim. Doğrudan da, hər bir azərbaycanlı kimi məni də Rusiya məhkəməsinin Rusiya dövləti adından qəbul etdiyi bu qərar xeyli dərəcədə sarsıtdı. Ona görə ki, hər zaman mən də Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasını təbliğ edən, təklif edən millət vəkillərindən biri olmuşam. Amma  nə qədər ki Putinin yanında həm azərbaycanlı, həm də erməni, yarı erməni, yarı rus Azərbaycana münasibətdə zəhər daşıyan kərtənkələlər var, Rusiya Azərbaycana münasibətində ciddi dəyişikliklər etməyəcək.
Bu gün biz ürək ağrısı ilə eşitdik ki, Tərtərdə bir qrup azərbaycanlı hərbiçi xarici dövlətlərin xüsusi xidmət orqanları tərəfindən ələ alınaraq Azərbaycan dövlətinə qarşı təxribatlar törədiblər və daha böyüklərini də törətməyə hazırlaşırmışlar. Mən hesab edirəm ki, bizim Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi bununla bağlı xüsusi dinləmə keçirməlidir. Həm müdafiə naziri, baş qərargah rəisi, əks kəşfiyyatın rəisi, müvafiq qoşun komandanlığı ciddi şəkildə həmin dinləmədə iştirak etməlidir, məsələ araşdırılmalıdır, burada Rusiyanın izi  axtarılmalıdır. Bu yaxınlarda, bilirsiniz ki, Rusiya ilə Ermənistanın yaratdığı ümumqoşun birləşməsi var idi, onun komandiri çıxış edib, dedi ki, bu qoşun birbaşa Ermənistanın ali baş komandanına tabedir və yalnız Sarkisyanın əmri ilə hərəkət edəcək. Hətta sual verirlər ki, Putin sizi dayandıra bilər? Deyir ki, xeyr. Buna Rusiya tərəfdən də heç bir təkzib verilmədi. Bu da onu göstərir ki, artıq bizə qarşı təkcə Ermənistan hərbiçiləri deyil, həm də Rusiya hərbiçiləri dayanıblar. Ona görə də mən  təklif edirəm ki, Azərbaycan tərəfi Rusiyanın ali hərbi məktəblərində təhsil almış, lakin Azərbaycan ordusunda xidmət edən şəxsləri ciddi şəkildə yoxlamalardan keçirsin. Sızan məlumatlara görə,  xüsusi əməkdaşlığa cəlb olunmuş hərbiçilərə məhz Rusiya ərazisində  maliyyə vəsaitləri verilirmiş. Bu məsələlər, hesab edirəm ki, bizim Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində ciddi şəkildə araşdırılmalı və Rusiyanın bu məsələdə rolu, iştirakı  öyrənilməldir. 
Azərbaycan Rusiyadan ən çox silah alan dövlətdir. Yaxın illərdə biz Rusiyadan 5 milyard dollarlıq  silah almışıq. Burada mənim həmkarlarım söylədilər, keçən il Prezident seçkiləri ərəfəsində Azərbaycana münasibətdə təxribatlar törədilirdi. Yenə də seçkilər yaxınlaşır, yenə də həmin təxribatlar artmağa başlayır. Amma hesab edirəm ki, Azərbaycan dövləti keçən seçkilərdə olduğundan daha sərt və qətiyyətli formada öz sözünü deməlidir. Rusiya ilə Azərbaycan münasibətlərində yaranmış gərginliyə görə də burada qeyd olundu ki,  biz bir az təmkinli davranaq və sair. Məsuliyyəti məhz həmin qərarları Rusiyada qəbul edən şəxslər daşımalıdır və Rusiya prezidenti də başa düşməlidir ki, onun ətrafı Azərbaycanla münasibətləri  şəxsi məqsədlərə görə, Rusiyadan aldıqları...   
Sədrlik edən. Çox sağ olun, artıq 45 dəqiqədir, müzakirə gedir, məncə, ümumi fikir məlumdur. Çingiz Qənizadə söz istəyir, Rövşən də. Yeni bir fikir söyləyəcəksinizsə, söz verim.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Sual verəcəksən? Rövşən, sualını ver.
R.Rzayev. Çox sağ olun, Oqtay müəllim, çox minnətdaram Sizə. Hörmətli Sədr, hörmətli millət vəkilləri, hörmətli sədarət! Bütün deyilənlərlə, bizim hörmətli həmkarların çıxışları ilə mən tamamilə razıyam. Rusiya ilə münasibət bizim üçün çox vacibdir və mənə elə gəlir ki, bu problem öz həllini tapacaq. Amma düşünürəm ki, biz özümüzə bir sual verməliyik. Bu nədən qaynaqlanır və nə səbəbə 9 may günündə Dağlıq Qarabağın bayraqları həm Moskvada, həm də Peterburqda dalğalanır və polislər bunun qarşısını almırlar,  Xarici İşlər Nazirliyindən də buna cavab verilmir? Mənə elə gəlir ki, biz bu barədə düşünməliyik və məhkəmə qərarının qaynaqlandığı yol da məhz erməni lobbisinin hərəkətləridir, onun Azərbaycana qarşı düşmən mövqeyində olmasıdır və biz buna çox ciddi yanaşaraq öz mövqeyimizi bildirməliyik. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Çox sağ olun. Rövşən müəllim çox düz deyir. Biz əgər diqqət yetirsək və görsək ki, o erməni lobbisinin üzvləri Rusiyanın bir çox nazirliklərindədirlər, bir sözlə, hər yerdədirlər, onda hər şeyin axarı məlum ola bilər.
Mən heç kimin xətrinə dəymək istəmirəm. Yazılanlardan 4 nəfər  həmkarımız qalıb. Onsuz da vaxt bir saata yaxınlaşır. Çingiz Qənizadə.
Ç.Qənizadə. Təşəkkür edirəm, Oqtay müəllim. Təbii ki, mən də həmkarlarımızın fikirlərinə qoşuluram, məncə, ortaya yeni bir fikir  qoymağa da heç bir əsas yoxdur. Sadəcə, mən  prosedur qaydalarını həmkarlarımın diqqətinə çatdırmaq istəyirəm ki, Rusiya Ali Məhkəməsinin keçən gün qəbul etdiyi qərar hələ son deyil və qüvvəyə minməyib. Yəni prosedur qayda belədir ki, konqresin bu qərardan şikayət etmək hüququ var və apellyasiya qaydasında bu işə yenidən baxılacaq. Mən çox istəyərdim ki, bizim bu sahədə məşğul olan qurumlarımız konqreslə dərhal əlaqə saxlasınlar. Sənədlərdə olan boşluqların doldurulması, hazırlanması və apellyasiya məhkəməsinə qədər bu sənədlərin tənzimlənməsi ilə mən belə hesab edirəm ki, növbəti baxış zamanı müsbət qərar əldə etmək olar. Ona görə bu sahədə məşğul olan və bunu üzərinə götürən qurumlarımız dərhal hərəkətə keçməli və bu məsələnin həlli üçün əllərindən gələni etməlidirlər.
Bu gün başqa bir məsələni qabartmaq istəyirəm. Son günlər mətbuatda, televiziyada  mənşəyi məlum olmayan, ölmüş heyvan cəmdəklərinin satışı ilə bağlı saysız-hesabsız süjetlər görürük və mətbuatda yazıları oxuyuruq. Mən  bir neçə gün ərzində Daxili İşlər Nazirliyi ilə, Daşkəsən Polis İdarəsinin rəisi Fəxrəddin müəllimlə, Kənd Təsərrüfatı Nazirliyinin  Dövlət Baytarlıq Nəzarəti Xidmətinin müəyyən strukturları ilə əlaqə saxlamışım. Təkcə Daşkəsəndə polis əməkdaşlarının səyi nəticəsində 7 tona yaxın belə ət tutulub və hər gün də görürük ki,  maşınların baqajında bu cür ətlərin daşınması reallaşır. Elə dünən Bakı şəhərinin  Binəqədi rayonu ərazisində yenə polislərin köməyi nəticəsində  yüzlərlə kiloqram vaxtı keçmiş kolbasa və digər məhsulların satışı ilə  məşğul olan bir  qurum aşkar olundu. Amma mən nəyi nəzərinizə çatdırmaq istəyirəm? Bəs bunlara qarşı hansı formada mübarizə aparılır? Qeyd etmək istəyirəm ki, qanunda boşluqlar var və bu boşluqların doldurulması üçün  həm həmkarlarımı mənə dəstək olmağa, həm də hüquq mühafizə orqanlarını əlbir olaraq ortaq bir qanun toplusunu, heç olmasa, bir maddəni ortaya çıxartmağa çağırıram.
Birincisi, qısaca qeyd edim ki, bu cür hallarda cinayət işinin başlanması üçün Cinayət Məcəlləsinin 200-cü maddəsi tətbiq olunur və bu da o hallarda tətbiq olunur ki, mütləq buradakı şəxs hüquqi şəxs olmalıdır. Ya idarə, müəssisə, təşkilat olmalıdır, ya da fərdi sahibkar qismində qeydə alınmış fiziki şəxs olmalıdır. Əks halda İnzibati Xətalar Məcəlləsinin 289-cu maddəsi ilə fiziki şəxslər 200 manatdan 300 manata qədər cərimə olunur. Bu, boşluqdur. Mən belə hesab edirəm ki, biz həm Cinayət Məcəlləsində, həm də İnzibati Xətalar Məcəlləsində sanksiyaları artırmalıyıq. Bu cür işlərlə məşğul olan fiziki şəxslərin də cinayət məsuliyyətinə cəlb  edilməsi üçün qanunda yeni bir maddə olmalıdır. Bir şeyi də qeyd edim ki, vaxt başa çatdı, nə isə. Sağ olun.
Sədrlik edən. Sahib Alıyev.
S.Alıyev. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, dəyərli həmkarlar! Haqqında danışılan məsələ hansı xarakter daşımasından asılı olmayaraq, – siyasi və ya hüquqi, – erməni fitnəsidir. Çox təəssüflər ki, son zamanlar ardıcıl olaraq bunu görürük. 9 may yürüşlərində biz seperatçı rejimin bayraq deyilən əski parçasının dalğalandığını gördük. Biz Ermənistana ötürülən  “Osa” zenit-raket kompleksinin  Qarabağda yerləşdirilməsini görürük. Biz onu da görürük ki, erməni təşkilatının, – hörmətli Siyavuş Novruzovun da vurğuladığı kimi, – başında duran adamın ad günündə Rusiyanın yüksək vəzifəli dövlət məmurları iştirak edirlər. Söhbət o tədbirdən gedir ki, həmin tədbirə Ruben Tatulyan adlı bir oğru da qatılmışdı. Cibində Ermənistanın diplomatik pasportu olan bu adam oğru yığıncağında iştirak etdiyinə görə hazırda Çexiyada tutulubdur. Yəni belə adamlar diaspor təşkilatının tədbirinə qatılırlar. Amma, doğrudan da,  Azərbaycan elitasının ən çox cəmləşdiyi bir təşkilatın qeydiyyatı ləğv olunur. Onu da demək lazımdır ki, azərbaycanlılar orada saylarına görə sadəcə üçüncü etnik qrup deyil, həm də azərbaycanlılar oradakı ermənilərdən fərqli olaraq  yerli əhalidir.
Rusiya Dərbənd haqqında özünün qədim şəhəri kimi danışır. Amma bu həm də qədim Azərbaycan şəhəridir. Yəni azərbaycanlılar orada  gəlmə deyillər, aborigendirlər. Bu reallığı, təbii ki, nəzərə almaq lazım idi. Təəssüf ki, biz görürük, bu reallıq yenə də erməni fitnəsi nəticəsində hələlik, belə deyək ki, nəzərə alınmır. Təbii ki, Azərbaycan bu məsələni cavabsız qoymayacaq, necə ki, dünən “Osa” zenit-raket kompleksi sıradan çıxarıldı. Azərbaycanın cavabı asimmetrik də ola bilməz. Çünki cənab Prezidentin də vurğuladığı kimi, Azərbaycan öz tolerantlığı ilə bütün dünyada örnəkdir, Azərbaycanda rus icmasına böyük hörmət var, olub və olacaq. Amma Azərbaycan asimmetrik addımlar ata bilər. Məhz müəyyən  institutlar,  qurumlar var ki, onların məsələsinə Azərbaycan yenidən baxa bilər. Ümumiyyətlə, bu hadisə Azərbaycandan daha çox Rusiyanın əleyhinə yönəlmiş bir hadisədir. Ona görə Rusiyanın əleyhinə yönəlib ki, heç kimə sirr deyil, Rusiyaya qarşı sanksiya məsələsində Azərbaycan hansı təzyiqlərlə üzləşib. Artıq o təzyiq edənlər Azərbaycana deyə bilərlər ki, sənin diasporuna bu cür...
Sədrlik edən. Sağ olun. Hikmət Məmmədov və bununla bitiririk.
H.Məmmədov. Hörmətli Oqtay müəllim, çox böyük səbirlə hamıya söz verdiyinizə görə Sizə təşəkkür edirəm. Rusiya ilə Azərbaycanın ortaq siyası tarixi təqribən 200 ildir. Bu 200 ildə həmişə bu münasibətlər Krılovun məşhur “Qurd və quzu” hekayəsində nəql olunan hadisəyə bənzəyir. Qurd deyir ki, mən səni yeyəcəyəm, ona görə ki, içdiyim suyu bulandırmısan. Quzu da cavab verir ki, mən aşağıdan içmişəm, sənin suyunu  nə cür bulandıra bilərəm? Qurd isə elə bəhanə edir.  İndi bu  konqresin sənədlərinin ləğv olunması da elə  bəhanədir. Ancaq biz hesab edirik ki, Rusiya ilə dostluq Azərbaycana lazımdır, çünki  Rusiya Azərbaycan üçün çox vacib bir ölkədir.
Mən düşünürəm, Rusiyada da belə hesab etməlidirlər ki, Azərbaycan da onlar üçün vacib ölkədir. Rusiya hesab edir ki, ona qarşı beynəlxalq hüquqla manipulyasiya edilir, onun hüquqları tapdalanır. Biz də hesab edirik ki, belədir. Amma Rusiyada qərar qəbul ediləndə bunu nəzərə alsınlar ki, onların özləri də hüquqla manipulyasiya edirlər. Azərbaycana qarşı, Ümumrusiya Azərbaycanlıları Konqresinə qarşı bu cür ədalətsiz mövqe tutmaq olmaz. Bax, bu gözlə baxsalar, burada bir ədalətli qərar qəbul edilə bilər. Hələ hüquqi proses başa çatmayıb. Düşünürəm ki, bu mübarizəni davam etdirməliyik, Azərbaycanın diplomatiyası da, Azərbaycan Milli Məclisi də, orada yaşayan azərbaycanlılar da səfərbər olmalıdırlar. Heç olmasa, önümüzdəki bir ay müddətində bu qərarın  Azərbaycanın lehinə dəyişdirilməsinə nail olmalıyıq. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, hamının ümumi fikri aydın oldu. Həqiqətən, bizim üçün çox xoşagəlməz bir hadisədir. Mən sözümün əvvəlində dedim, Azərbaycan bütün beynəlxalq təşkilatlarda həmişə Rusiyanın mövqeyini dəstəkləyib və öz dost münasibətini bildirib. Təəssüflər ki, bizim həmkarların da dediyi kimi, bəzi qüvvələrin, güclərin,  xüsusi maraqların və erməni diasporunun dəstəyi ilə belə məsələlər olur.
Biz  güman edirik ki, bu bir ay ərzində  nə isə bir şeyə nail ola biləcəyik, ancaq mənim bir xahişim var. Əli müəllim, dostluq qrupunun adından güclü bir sənəd göndərərsiniz. Mən də şəxsən özüm həm senatın sədri ilə, həm də aşağı palatanın sədri ilə danışacağam. Məktubları göndərin, cavablarını gözləyək və bu istiqamətdə işləyək.
Əgər başqa sözünüz yoxdursa,  bu müzakirələri bitirək, keçək gündəliyin əsas məsələlərinə. Gündəliyin birinci məsələsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi barədədir. Buyursun Əli Hüseynli.
Ə.Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.
Çox sağ olun, hörməti cənab Sədr. Bu dəyişikliklər qanunvericiliyin uyğunlaşdırılması xarakteri daşıyır. Qısaca məlumat vermək istəyirəm ki, 2016-cı ildə “Lisenziyalar və icazələr haqqında” Qanun qəbul olunmuşdu. Buna görə Şəhərsalma və Tikinti Məcəlləsinin həm 51-ci maddəsinə, həm də 60.1-ci maddəsinə təklif olunan dəyişikliklər “Lisenziyalar və icazələr haqqında” Qanuna uyğunlaşdırma mahiyyəti daşıyır.
Eyni zamanda, Şəhərsalma və Tikinti Məcəlləsində  yanğın təhlükəsizliyi ilə bağlı xüsusi bir  maddə mövcud deyildi. Amma “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsi bunları özündə ehtiva edir. Təbii ki, Şəhərsalma və Tikinti Məcəlləsində də bunlar öz əksini tapmalıydı. Bu səbəbdən də Şəhərsalma və Tikinti Məcəlləsinin 60.1-ci maddəsi yeni redaksiyada verilir. Qeyd etdiyim kimi, bu maddə yanğın təhlükəsizliyinə dair tələbləri daha geniş və  əhatəli şəkildə özündə əks etdirir. Amma mahiyyəti üzrə Şəhərsalma və Tikinti Məcəlləsi qeyd etdiyim kimi, 2 qanuna uyğunlaşdırma mahiyyəti daşıyır. Çox sağ olun.

Azərbaycan Respublikası  Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Sağ olun, Əli Müəllim. Aytən Mustafazadə.
A.Mustafazadə. Təşəkkür edirəm. Hörmətli sədarət, hörmətli həmkarlar!  Müzakirəyə çıxarılan bu dəyişiklikləri mən təbii ki, qəbul edirəm və onlara səs verəcəyəm. Amma bir məsələni qeyd etmək istəyirəm. Artıq 2012-ci ildə Azərbaycan Respublikasının   Şəhərsalma və Tikinti Məcəlləsi qəbul olunandan sonra bu məcəlləyə 25-dən artıq dəyişiklik olub. Lakin bütövlükdə 106 maddədən ibarət məcəllədə cəmi 2 dəfə əlillər və sağlamlıq imkanları məhdud şəxslər kateqoriyasına rast gəlirik. Belə ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 57.2.7-ci maddəsində əlillərin və hərəkət imkanları məhdud digər şəxslərin tikinti obyektindən istifadəsi ilə bağlı zəruri infrastruktura malik olması və 70.2.3-cü maddəsində əlillər üçün pandusların təşkil edilməsinin tələbləri qoyulmuşdur. Lakin biz hamımız bilirik ki, yeni yaşayış binalarının  demək olar ki, 90 faizində, bəlkə də 80 faizində bu tələblərə riayət olunmur. Yəni bu binalarda və onların həyətyanı sahələrində fiziki imkanları məhdud insanlar üçün uyğun şərait görmürük. Təəssüf olsun ki, bu tələblərə cavab verməyən layihələr qəbul olunur. Sovet vaxtında da Azərbaycan qanunvericiliyində memarlıq haqqında,  şəhərsalma haqqında qanunlarda tələb var idi ki, binalar fiziki imkanları məhdud olan insanlar və əlillər üçün uyğun şəraitdə tikilməlidir. Sovet vaxtında buna necə riayət etmirdilərsə, indi də riayət olunmur. Buna  ciddi  nəzarət olmalıdır. Mənə elə gəlir ki, belə şərtlərə cavab verməyən layihələr  qəbul olunmamalıdır.
Biz bilirik ki, Azərbaycan  son vaxtlar daha intensiv inkişaf edir və  həm ölkə başçısı, həm də ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyeva bu sahəyə böyük maraq və diqqət yetirir. Fiziki imkanları məhdud insanlara  böyük diqqət var. Onun üçün mən hesab edirəm ki, Şəhərsalma və Tikinti Məcəlləsinə mütləq əlavə maddələr  salmalıyıq. Məsələn, 2017-ci ilin may ayında Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə təklif edilən dəyişikliklərə əsasən tikinti obyektlərinin layihələndirilməsi üçün texniki şərtlər verilməsi müddətinin azaldılması və vahid pəncərə prinsipi ilə tənzimlənməsi, yəni “ASAN Xidmət”dən istifadə və prosedurların sadələşdirilməsi nəzərdə tutulsa da, əfsuslar olsun ki, məcəlləyə əlillər və sağlamlıq imkanları məhdud şəxslər kateqoriyasının vəziyyətini nəzərə alan heç bir müddəa   salınmayıb. Fikrimcə, əlillər və sağlamlıq  imkanları məhdud şəxslərin rahat hərəkət etməsi üçün müvafiq məcəllədə əlavə və dəyişikliklərin olması mütləqdir. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Başqa çıxış etmək istəyən yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.12 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi  barədədir. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Hörmətli həmkarlar, İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklər parlamentin vaxtilə ratifikasiya etdiyi “Dənizçilərin hazırlanmasına, onlara  diplom verilməsinə və növbə çəkməyə dair Beynəlxalq Konvensiya” ilə əlaqədardır. Təklif olunur ki, məcəllənin 315-ci maddəsinə yeni,  315.2-ci bənd əlavə olunsun. Konvensiyanın tələblərinə uyğun olaraq sertifikata, diploma malik olmayan şəxsin gəmidə həmin sertifikat tələb olunan işlərə buraxılmasına görə məsuliyyət nəzərdə tutulur. Bu, cərimə növündədir.
İkinci dəyişiklik isə 315.3-cü maddəyədir. Belə ki, heyət üzvünün gəmidə alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunmasına görə yenə də cərimə  formasında məsuliyyət nəzərdə tutulur. Bir daha vurğulamaq istəyirəm ki, İnzibati Xətalar Məcəlləsinə olan bu dəyişikliklər bizim qoşulduğumuz beynəlxalq konvensiyanın tələblərindən irəli gəlir. Səs verməyinizi xahiş edirəm.
Sədrlik edən. Sağ olun, Əli müəllim. Qanun layihəsi ilə bağlı Qüdrət müəllim danışmaq istəyir. Buyurun, Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Təşəkkür edirəm, Ziyafət müəllim. Doğrudan da, bunlar müsbət dəyişikliklərdir və mən bu dəyişikliklərə səs verəcəyəm. Amma, eyni zamanda, qeyd etmək istədiyim bir məsələ var. Həm bizim ölkə Konstitusiyası, həm də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında”  Konvensiyanın ölüm cəzasının ləğvinə dair 6 saylı Protokolu imkan verir ki,  Azərbaycan müharibə vəziyyətində olduğuna görə ölüm cəzasını bərpa edək. Xahiş edirəm, Ziyafət müəllim,  göstəriş verəsiniz, bizim komitənin iclaslarındamı, yaxud ilkin işçi qrup formasındamı bu məsələ müzakirə olunsun. Yəni Tərtərdə baş verən son hadisələr bir daha göstərdi ki, Azərbaycan müharibə vəziyyətində olduğuna görə,  xüsusilə ağır cinayətlərə görə və dövləti cinayətlərə görə ölüm cəzasını bərpa edə bilərik. Beynəlxalq qanunvericilik də, konvensiyalar da buna yol verir, bunu mümkün sayır. Diqqətinizə görə çox sağ olun. 
Sədrlik edən. Sağ olun. Başqa çıxış etmək istəyən yoxdursa, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.15 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 96
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə  qanun layihəsidir. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli həmkarlar, bu layihənin də bir hissəsi uyğunlaşdırma xarakteri daşıyır. Belə ki, 2016-cı ildə “Məhkəmələr və hakimlər haqqında” Qanuna dəyişiklik edilmişdi. Həmin qanuna əsasən məhkəmələrin ərazi yurisdiksiyasını müəyyən etmək Məhkəmə-Hüquq Şurasının səlahiyyətinə verilmişdi. Məhz buna görə “Məhkəmə-Hüquq Şurası haqqında” Qanunda da “Məhkəmələr və hakimlər haqqında” Qanuna uyğun olaraq müvafiq düzəliş edilir.
İkincisi isə birinci instansiya və apellyasiya məhkəmələrinin maliyyə təminatı üçün nəzərdə tutulan xərclər barədə təkliflər  müvafiq icra hakimiyyəti orqanına təqdim edilir. Amma təklif olunur  ki, təqdim edilməmişdən əvvəl Məhkəmə-Hüquq Şurasının rəyi alınsın. Hesab edirəm ki, bu təklif kifayət qədər əsaslıdır. Çünki məhkəmələrin ümumi idarə edilməsi ilə bağlı orqan Məhkəmə-Hüquq Şurasıdır və təbii ki, maliyyə məsələləri ilə bağlı ilk növbədə Məhkəmə-Hüquq Şurasının rəyi alınmalıdır. Çox sağ olun.
Sədrlik edən. Təklif var, səsə qoyulsun. Buyurun, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.17 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədədir. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli həmkarlar, bilirsiniz ki, “Pasportlar haqqında” Qanunun 6-cı maddəsində diplomatik pasport verilən şəxslərin siyahısı  nəzərdə tutulur. Biz isə bilirsiniz ki, bu yaxınlarda “Dövlət qulluğu haqqında” Qanuna əhəmiyyətli dəyişikliklər etmişdik. İndi də təklif olunur ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin və Prezidentin Xüsusi Tibb Xidmətinin rəhbər işçilərinə diplomatik pasport verilsin. Buna görə də “Pasportlar haqqında” Qanuna müvafiq düzəliş    edilir. Səs verilməsini xahiş edirəm.
Sədrlik edən. Buyurun, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.18 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsidir. Komitə sədri Rafael Hüseynov. Buyurun.
R.Hüseynov, Milli Məclisin Mədəniyyət komitəsinin sədri.
Təşəkkür edirəm. Hörmətli millət vəkilləri, mahiyyət etibarilə “Telekommunikasiya haqqında” Qanunda edilən dəyişikliklər də uzlaşma xarakteri daşıyır. 2016-cı il noyabrın 29-da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilib, buraya müvafiq maddələr əlavə olunub və həmin maddələr artıq işləyir. Faktiki olaraq biz  1 il öncədən mövcud olan, hüquqi norma kimi fəaliyyət göstərən maddələri “Telekommunikasiya haqqında” Qanuna tətbiq edirik.
“Telekommunikasiya haqqında” Qanunun 33, 40, 48-ci maddələrində dəyişikliklər nəzərdə tutulur. Amma həmin dəyişikliklərin mahiyyətinə keçməzdən öncə mən qısa bir qeydi diqqətinizə çatdırmağı vacib hesab edirəm. Bir daha vurğulayıram ki, bu dəyişikliklər sırf texniki səciyyəlidir.
Yəni 1 il öncədən işləyən hüquqi normaların digər qanunun müstəvisindən bu qanunun mətninə daxil edilməsidir. Lakin mətbuat səhifələrində, ayrı-ayrı sosial şəbəkələrdə rast gəldiyim bəzi yanlış yozumlar, bu dəyişikliklərə verilən çaşdırıcı izahlar qısa da olsa şərh verməyə sövq edir. Məsələ ondan ibarətdir ki, bu dəyişikliklər heç də ayrı-ayrı şəxslərin iddia etdiyi kimi, guya vətəndaşların kütləvi şəkildə cərimələrlə üz-üzə qalmasına gətirib çıxarmayacaq. Tam əksinə olaraq bu dəyişikliklər vətəndaşların təhlükəsizliyinin daha artıq təmin edilməsi, cəmiyyətdə təhlükəsizliyin daha artıq bərqərar olması, cinayətkarlığa qarşı mübarizənin operativləşdirilməsi mahiyyəti daşıyacaq. Yəni nəticə etibarilə bilavasitə vətəndaşların maraqlarına uyğundur.
Operatorların və provayderlərin vəzifələri əks olunan 33-cü maddədə operatorların vəzifələri sırasına 33.1.3-dən sonra daha iki yarımbənd əlavə edilir. Həmin yarım-bəndlərdə göstərilir ki, rabitə vasitələrinin satışı və istifadəsi zamanı xidmət göstərilən fiziki və hüquqi şəxslərlə bağlanılan müqavilələrdə və abunəçilərə dair məlumat bazalarında nəzərdə tutulması vacib olan məlumatları daxil edilsin. Digər yarımbənd isə telefon nömrələrinin (sabit (məftilli), mobil) operatorların şəbəkəsində aktivləşdirilməsini ərizəçiyə dair məlumatların vahid məlumat bazasına onlayn rejimdə elektron formada daxil edildikdən sonra təmin etməyi nəzərdə tutur. Bunlar artıq işləyən normalardır, yəni fəaliyyətdədir. Sadəcə, “Telekommunikasiya haqqında” Qanunda bunun tətbiqləşdirilməsi zəruridir.
Digər 40-cı maddədə abunəçi ilə bağlanan müqaviləyə dair zəruri tələblər nəzərdə tutulur. Yeri gəlmişkən, onu da qeyd edim ki, 33-cü maddənin son bəndində, yəni 33.2-ci maddədə indi etdiyimiz dəyişikliklərin operator və provayderlər üçün nəzərdə tutulan vəzifələr sırasında yalnız operatorlara aid edilməsi dəqiqləşdirilir. 40-cı maddə isə “Abunəçi ilə bağlanan müqaviləyə dair zəruri tələblər” adlanır.  Burada 40.3-cü maddəyə 40.3-1-ci bənd əlavə edilir: “Müqavilə Azərbaycan Respublikasının dövlət dilində bağlanılmalı və həmin müqaviləyə abunəçinin (hüquqi şəxs tərəfindən bağlanıldığı təqdirdə istifadə edən fiziki şəxsin) fotoşəkillə olan şəxsiyyətini təsdiq edən sənədinin surəti əlavə olunmalıdır”. Bu da   sırf hüquqi bir normadır.
40.3.5-ci maddəyə də bir neçə yarımbənd əlavə edilir. Həmin yarımbəndlərin mahiyyəti bundan ibarətdir ki, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş məlumatlar, abunəçinin identifikasiya modulunun, (Sim kartlar və sair) başqa şəxslərə daimi istifadə üçün, habelə mütəmadi gəlir (mənfəət) əldə etmək məqsədi ilə kirayəyə verilməsinə qadağa qoyulması barədə qeyd, abunəçinin identifikasiya modulunun (Sim kartlar və sair) və mobil telefon aparatının oğurlanması və itirilməsi barədə fiziki və hüquqi şəxslər tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının məlumatlandırılması barədə qeyd müqavilədə nəzərdə tutulan vacib müddəalar sırasındadır. Bütün bunlar elə səslənişindən də göründüyü kimi, sırf təhlükəsizlik məqsədi daşıyır, cinayətkarlığın qarşısının alınmasına yönəlib, müəyyən  dar hüdudda götürsək, möhtəkirliyin aradan götürülməsinə səmtlənib. Bunlar hamısı bir hüquqi dövlət üçün, qanun çərçivəsində yaşamağı həyat norması seçən cəmiyyət üçün çox məqbul və zəruri qaydalardır, şərtlərdir.
Digər bir dəyişiklik isə “Telekommunikasiya haqqında” Qanunun 48-ci maddəsində nəzərdə tutulur. Burada “Telekommunikasiya xidmətlərinin göstərilməsi ilə əlaqədar məlumatların emalı” adlı maddənin son 48.4-cü bəndindən sonra daha bir maddə əlavə edilir.  Əlavə olunan 48.5-ci  maddə mobil telekommunikasiya xidməti göstərən operatorlar şəbəkələrində rouminq rabitəsində olan xarici istifadəçilərə aid qeydiyyata alınmış bütün məlumatların ən azı 1 (bir) il müddətində saxlanılmasını təmin etməlidirlər.
Yekun olaraq demək istəyirəm ki, bütün bu dəyişikliklər artıq fəaliyyətdədir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi 1 il öncədən edilmiş dəyişikliklər əsasında işləməkdədir. Bütün bunlar da nəticə  və mahiyyət etibarilə cəmiyyətin,  vətəndaşların təhlükəsizliyi, cinayətkarlığın aradan qaldırılması və cinayətkarlığın cinayət amillərinin vaxtında aşkarlanması səmtində operativ tədbirlərin görülməsi məqsədi güdür. Ona görə də həmkarlarımı bu zəruri və artıq fəaliyyətdə olan  hüquqi normaların dəyişiklik olaraq  “Telekommunikasiya haqqında” Qanuna tətbiq edilməsinə səs verməyə dəvət edirəm. Təşəkkür edirəm. 
Sədrlik edən. Sağ olun. Qanun layihəsinin müzakirəsi ilə əlaqədar həmkarlarımız danışmaq istəyirlər. Fazil Mustafa.
F.Mustafa. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Mən də hesab edirəm ki, kiber cinayətlərin artdığı bir mühitdə telefonla, mobil vasitələrlə müəyyən kriminal hadisələrin artıq geniş yer aldığı bir vaxtda belə bir qanunun qəbul olunması zəruridir, burada olan bir çox normaları dəstəkləyirəm. Hesab edirəm ki, müəyyən məsələlərdə dövlətin təhlükəsizliyi, eyni zamanda, vətəndaşın təhlükəsizliyi üçün hüquqi mühitdə ciddi addımlar  atılmalıdır. Amma burada biz hər hansı bir qanunu qəbul edərkən birinci növbədə  vətəndaşı süni çətinliklərlə üz-üzə qoymamaq barədə də düşünməliyik. Təbii ki,  Azərbaycan cəmiyyəti kifayət qədər şöhrətpərəst cəmiyyətdir və bizdə də telefon nömrələrinin başqalarına verilməsi, başqaları tərəfindən istifadə olunması adi haldır. Hətta  şöhrətpərəstliyimiz o səviyyədədir ki, bir nömrəni avtomobil nömrəsi kimi 5 minə, 10 minə alırlar. 10–15 minə alan  anormallar da tapılır. Bu hallar var və bunların  burada nəzərdə tutulması yaxşı haldır. Ona görə yaxşı haldır  ki, ən azı bunların müəyyən dərəcədə  qarşısının alınması vacibdir.
Amma burada, Ziyafət müəllim, 40.3.5-2-ci maddədə göstərilir ki, abunəçinin identifikasiya modulunun başqa şəxslərə daimi istifadə üçün verilməsinə qadağa qoyulmalıdır.  Məncə, burada bir az yumşaldıcı varianta gedilməlidir. Buraya ailə üzvlərinin  şamil edilməsi doğru deyil. Kimin isə övladı xaricdə oxuyur, yeni bir telefon və ya Sim kart almaq istəmir, özünün mövcud kartını  istifadə üçün övladına verir. Yəni bu, ailə üzvlərindən kənardakı adamlar üçün nəzərdə tutulmalıdır.  Oğluna, qızına, həyat yoldaşına bunun tətbiq edilməsi, məncə, doğru deyil. Yəni burada bu qədər sərt məhdudlaşdırmanın qoyulması müəyyən dərəcədə vətəndaşların fəaliyyət mühitinə müəyyən bir əngəl yaratmış olacaqdır. Ona görə də mən təklif edərdim ki, bu maddə  müəyyən bir kontingent üçün nəzərdə tutulsun. Həm də elə olsun ki, kimə isə verirsə, bu barədə müvafiq icra orqanına yaxın 10 gün ərzində məlumat versin, çünki icra orqanı, yaxud hüquq-mühafizə orqanları istənilən vaxt hansısa  mobil operator vasitəsilə baş verən cinayətlərin aşkara çıxarılması və ya hansısa neqativ bir proses varsa, aşkara çıxarılması üçün dərhal bu məsələyə müdaxilə etmək imkanı əldə etsin. Bu, gizlətmə məsələsi deyil, şəffaflığa qarşı deyiləm. Amma  ailə üzvləri çərçivəsində müəyyən hüququn verilməsi, məncə, yerində olar və vətəndaşın hüququnu az məhdudlaşdırar.
Bir də sonuncu maddə ilə bağlı demək istəyirəm. 48.5-ci maddədə göstərilir ki, rouminq  rabitəsində olan xarici istifadəçilərə aid qeydiyyata alınmış bütün məlumatların ən azı 1 (bir) il müddətində saxlanılmasını təmin etməlidirlər. Açığı, bu telefon şəbəkəsi  reallıqda bir az ciddi səslənmir. O baxımdan ki, heç olmasa, 6 ay müddəti olarsa, bunu anlamaq olar. Minlərlə belə  məlumat var. Bir il ərzində hər bir operator artıq bütün işini-gücünü  bir kənara qoymalı, ancaq bu məlumatları qorumaqla məşğul olmalıdır. Bu nə dərəcədə  rahat və asan iş sayıla bilər? Ona görə də bu müddətin bir il  göstərilməsi, məncə,  həddən artıq çoxdur  və bu müddət 6 aya endirilsə, ictimai münasibətlərin daha real tənzimlənməsi kimi xarakterizə oluna bilər. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun, Fazil müəllim, təşəkkür edirəm. Amma  mən bir məsələni deyim, Rafael müəllim də qeyd elədi. Bu normalar,  Fazil müəllim, artıq işləyir. Sadəcə olaraq bu normalar digər qanunlarda olduğuna görə biz bunları “Telekommunikasiya haqqında” Qanuna da əlavə edirik. Bizə təklif olunan  dəyişikliklərin edilməsinin əsas fəlsəfəsi bir cümlədir. Dövlətin təhlükəsizliyi, mütəşəkkil cinayətkarlığa  və terrorizmə qarşı mübarizə. Bununla bağlıdır. Buyurun, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.30 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. 
6-cı məsələ Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədədir. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli həmkarlar! Bu layihə ilə bağlı geniş əsaslandırma sizə təqdim olunub, yəqin tanış olmusunuz. Qısaca onu demək istəyirəm ki, Şəhərsalma və Tikinti Məcəlləsinə təklif olunan bu dəyişikliklər çox mütərəqqidir. Bu dəyişikliklər texniki şərtlərin verilmə müddətinin azaldılmasını nəzərdə tutur. Müddətlər bir neçə dəfə  azaldılıb. Habelə vahid pəncərə sisteminin tətbiqi nəzərdə tutulur. Qeyd etmək istəyirəm ki, burada bir sıra məsələlər artıq “ASAN Xidmət” vasitəsilə elektron formada həllini tapacaq. Tikinti mərhələləri üçün tikintiyə icazə alma müddətləri bir neçə dəfə azaldılır. Ekspertiza tələb olunmayan tikinti layihələri üçün aidiyyəti təşkilatların rəylərinin alınması proseduru sadələşdirilir.
Hörmətli Ziyafət müəllim, zamanında Şəhərsalma və Tikinti Məcəlləsinin hazırlanmasında bizim parlamentin aparatı yaxından iştirak edib və biz bu məsələni araşdırmışıq, kifayət qədər mütərəqqi bir layihədir. Həmkarlardan səs vermələrini xahiş edirəm.
Sədrlik edən. Sağ olun, Əli müəllim, təşəkkür edirəm. Buyurun, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.32 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. 
Növbəti məsələ “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi  barədədir. İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov. Siyavuş müəllim, buyurun.
S.Novruzov, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri.
Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Bu qanuna əlavə və dəyişikliklərə keçmədən öncə qeyd etmək istəyirəm ki, bilirsiniz,  bu il İslam həmrəyliyi ilidir, həmçinin ölkəmizdə İslam Həmrəyliyi Oyunları keçirilir. Hörmətli həmkarlarımızla birlikdə bu möhtəşəm tədbirin açılış mərasimində biz də iştirak elədik, bir daha Azərbaycanın gücünün, qüdrətinin, Azərbaycan Respublikası Prezidentinin bu sahədə apardığı siyasətin bariz nümunəsinin şahidi olduq. O cümlədən təşkilat komitəsinin  rəhbəri olan hörmətli Birinci vitse-prezidentimiz Mehriban xanımın yüksək təşkilatçılığı ilə təşkil olunmuş İslam Həmrəyliyi Oyunlarının başlamasının şahidi olduq. IV İslam Həmrəyliyi Oyunları Azərbaycanda keçirilir və Azərbaycan yeganə ölkədir ki, bu gün 57 dövlətdən 53-ü bu prosesdə iştirak edir. Mən deyərdim ki, hətta olimpiada səviyyəsində olan  oyunlar keçirilir və bu da Azərbaycanın idmana,  islam həmrəyliyinə,  milli-mənəvi dəyərlərə olan hörmətinin bariz bir nümunəsidir. Mən burada fəal iştirak edən idmançılarımıza öz təşəkkürümü və minnətdarlığımı bildirirəm ki, çox uğurla çıxış edirlər, Azərbaycan bayrağını yüksəldirlər, qızıl medallara sahib olurlar. Hesab edirəm ki, Azərbaycan Avropa Oyunlarında,  müxtəlif olimpiadalarda olduğu kimi, İslam Həmrəyliyi Oyunlarında da qalib olacaqdır.
Bizim sahəmizə aid olduğuna görə bir fikri də qeyd etmək istəyirəm. Çox hörmətli Qüdrət müəllim burada ölüm hökmü ilə bağlı bir məsələ qaldırdı. Ölüm hökmü Azərbaycan Respublikasında ümummilli lider tərəfindən aradan qaldırılıb. Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gələndə ölüm hökmü demək olar ki, bütövlükdə dayandırıldı və sonradan ləğv olundu.  Amerikanın bəzi ştatlarında, bəzi Avropa dövlətlərində hələ də ölüm hökmü qalmaqdadır. Ancaq Azərbaycanda  ölüm hökmü aradan qaldırılıbdır. Bu da Azərbaycan dövlətinin ümummilli liderinin, Azərbaycan xalqının humanist prinsiplərindən irəli gəlir. Mən hesab edirəm ki, Allahın verdiyi canı ancaq Allah ala bilər. Bəndəyə bu ixtiyar verilməyib. O baxımdan da ölüm hökmünün ləğv olunması məqsədəuyğundur. Elə həbs müddəti var ki, ölümdən betərdir.
İndi qanun layihəsinə keçirəm. Ziyafət müəllim, vacib  məsələlər olduğuna görə bu məsələlərə toxundum. “Dini etiqad azadlığı haqqında” Qanunun 3 maddəsinə  dəyişiklik təklif olunur. O maddələrlə bağlı cəmiyyətdə çox böyük fikir mübadiləsi aparılmışdır. Nəticə etibarilə optimal bir variant tapıldı və komitə tərəfindən bu əlavə və dəyişikliklər olundu. Deyərdim ki,  qanunun əsas mayası olan bu 3 maddə gələcəkdə Azərbaycanda İslamın  düzgün şəkildə vətəndaşlarımıza çatdırılması üçün atılan addımlardan biridir. Hazırda 1-ci, 21-ci  və 24-cü maddələrə əlavə və dəyişikliklər olunub. Qeyd etdiyim kimi,  köhnə qanunda  bir düzəliş var idi və bu düzəliş cəmiyyətdə tətbiq edildikcə yeni əlavələrə  ehtiyac olduğu ortaya çıxdı, yəni  cəmiyyət  narahat olduğu  üçün biz buna əlavə və dəyişikliklər etdik. Həmkarlarımın nəzərinə çatdırmaq istəyirəm ki, Azərbaycan Respublikasında 2166 məscid fəaliyyət göstərir. Onun 209-u Naxçıvan Muxtar Respublikasındadır. İşğal olunmuş ərazilər istisnadır.  1500 məscid gündəlik fəaliyyətdədir. O cümlədən qeyd etmək istərdim ki, 5 rus pravoslav kilsəsi, 2 rus pravoslav evi, 1 katolik kilsəsi, 4 gürcü pravoslav kilsəsi və 2 alban kilsəsi  fəaliyyət göstərir. Həmçinin Azərbaycanda 6 sinaqoq fəaliyyət göstərməkdədir. Yəni Azərbaycanda dini tolerantlıq var və bütün  dinlərə Azərbaycan dövlət eyni münasibət bəsləyir.
Təklif olunan qanun layihəsi nədən ibarət? Deməli, bizim köhnə qanunun 1-ci maddəsində göstərilirdi ki, bizdə  xaricdən olan dini nümayəndələrin Azərbaycana gəlib dini təbliğatla məşğul olması  həm Cinayət Məcəlləsi ilə, həmçinin İnzibati Xətalar Məcəlləsi ilə qadağan olunur. Lakin elə məsələlər ortaya çıxdı ki, biz müvafiq addımlar atmağa məcbur olduq. Çünki elə şəxslər var ki, tutalım  Türkiyənin dini işlər naziri,  İranda din ilə məşğul olan  mühüm bir insan mömin adamlarla bir yerdə yığışıb söhbət aparmaq istəyirsə, bizim qanun tələb edirdi ki, bu ya cərimə olunsun, ya da bunun haqqında həbs qətimkan tədbiri seçilsin. Bu baxımdan biz belə bir istisna etdik ki, dini mərkəz tərəfindən dəvət edilmiş din xadimləri  dini söhbətlər, ayinlər apara, xütbələr oxuya bilərlər. Qalan hallarda isə kim  öz xoşuna gəlibsə, hər hansı bir təbliğat aparırsa, islamla  və ya digər dinlərlə bağlı fikir bildirirsə, Cinayət Məcəlləsinin, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi işə düşəcəkdir.
İkinci məsələ 21-ci maddə ilə əlaqədar olan məsələdir. Bu  çox aktual  məsələdir. Yəni bu nədən ibarətdir? Bu, xaricdə dini təhsil almış Azərbaycan Respublikası vətəndaşlarının, vətəndaşlığı olmayanların və xarici  vətəndaşların dini təbliğatla məşğul olması ilə əlaqədardır.
Qeyd etmək istərdim ki, müstəqillik dövründən indiyə qədər Azərbaycanda 3 min nəfər ayrı-ayrı xarici dövlətlərdə dini təhsil alıb. Nəticə etibarilə  bunların Azərbaycanda dini təbliğatla məşğul olması, dini ayinləri yerinə yetirməsi, dini vəzifələrə təyin olunması bizim mövcud qanunla qadağandır. Bu da çox böyük çətinliklər yaradır, çünki bu insanlar kifayət qədər təhsilli insanlardır. Deyək ki, dini təhsildən başqa, dünyəvi təhsillərə də malikdirlər. Bugünkü günə qədər 200 nəfər bu cür şəxs müxtəlif yerlərdə, qeyd etdiyim 1500 məsciddə  dini vəzifələri yerinə yetirməklə məşğuldur. Əgər bu qanun qüvvəyə minsə,  artıq onlar həm cərimə oluna, həm də həbs oluna bilərlər. Bu baxımdan biz burada bir istisna etməklə xaricdə dini təhsil almış Azərbaycan Respublikası vətəndaşlarının Qafqaz Müsəlmanları İdarəsi tərəfindən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla  islam dininə aid ayin və mərasimlərin aparılmasına buraxıla bilərlər. Yəni artıq Qafqaz Müsəlmanları İdarəsi kimi təyin etmək istəyirsə,  bunu müvafiq icra hakimiyyəti orqanı ilə  razılaşdırır. Həmin müvafiq icra hakimiyyəti orqanı da siz bilirsiniz, cənab Prezident tərəfindən müəyyən olunacaqdır və bundan sonra biz dini təbliğatda o insanlardan da istifadə edə biləcəyik.
24-cü maddə də bununla bağlı olan bir məsələdir.  Yəni kim isə artıq öz xoşuna gedib xaricdə dini təhsil alıb geri dönə bilməz, dini təhsilin mübadiləsindən söhbət gedə bilməz. Söhbət ondan gedir ki, yenə də müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırıldıqdan sonra həmin şəxslər dini təhsil almağa gedə bilərlər. Dini mütəxəssislərin mübadilə olunması da icra hakimiyyəti  orqanı ilə razılaşdırılmalıdır. Bunlar çox vacib əlavə və dəyişikliklərdir. Həmkarlarımızdan xahiş edirəm ki, buna səs verib qəbul eləsinlər. Təşəkkür edirəm.
Sədrlik edən. Hələ Siyavuş müəllim danışıb qurtarmayıb. Qurtardınız?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Aydındır. Bahar xanım, buyurun.
B.Muradova. Çox təşəkkür edirəm, Ziyafət müəllim. Hərtərəfli təqdimata görə Siyavuş müəllimə də təşəkkür edirəm. Mənim bir sualım var. Burada 3 dəyişiklikdir. 2-ci və 3-cü dəyişikliklərdə dini mərkəzin bu və ya digər səlahiyyətlərin icrasını müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırması nəzərdə tutulur. Bu da, təbii ki, xaricdən dəvət olunan və yaxud da orada təhsil almış şəxslərin fəaliyyəti ilə bağlı olan məsələdir.  1-ci dəyişiklikdə isə mərkəz dəvət edə bilər. Amma “müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırma” deyilən bir ifadə burada yoxdur. Buna səbəb nədir? Yəni bu din xadimləri yalnız hansısa tədbirlərdə iştirak üçünmü gələcəklər və yaxud da onlar da xaricdə təhsil almış digər vətəndaşlar kimi vəzifə daşıyacaqlar, bu və ya digər dini ayinləri icra edəcəklər? Bu məsələyə aydınlıq gətirmənizi xahiş edərdim. Müvafiq icra hakimiyyəti orqanı burada niyə yoxdur?
Sədrlik edən. Sağ olun, Bahar xanım. Siyavuş müəllim, indi həmkarlar danışsın, Siz suallara  sonra bir yerdə cavab verərsiniz. Olar?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Burada çıxışlar da var. Ola bilsin, çıxışlar zamanı suallar olsun. Hamısına bir yerdə cavab verərsiniz. Fazil Mustafa, buyurun.
F.Mustafa. Sağ olun, Ziyafət müəllim. Bu məsələ bizim komitədə hörmətli Siyavuş müəllimin yaratdığı demokratik bir ab-havada geniş müzakirə olundu. Orada fikirlərimizi səsləndirdik. Lakin səsləndirdiyimiz fikirlərin burada  əks olunmamasını nəzərə alaraq mən plenar iclasda bəzi məsələləri bir daha səsləndirməyə özümü borclu bildim. Çünki prinsipcə mən müəyyən məsələlərin qəbul olunmasına razıyam və əvvəllər də bu barədə parlamentdə çıxış eləmişdim ki, xaricdə təhsil alanların ölkədə müəyyən dərəcədə  dini təbliğat aparmasına, ayinləri icra eləməsinə məhdudiyyət qoyulması yanlış bir addımdır. O vaxt bu addıma gedildi. Amma bir şey nəzərə alınmadı ki, özümüzdə yüksək səviyyəli mütəxəssislər yetişdirmə imkanı nisbətən məhduddursa, bu o demək deyil ki, xaricdə təhsil alanların hamısına şübhə ilə baxmalıyıq. Onların da müəyyən dərəcədə savadlı və Azərbaycan dövlətinə bağlı  hissəsini kənarda qoymadan  potensiallarından istifadə eləmək daha vacibdir. Bu  normal və sağlam dini təbliğat baxımından ancaq faydalı ola bilər.
Mən birinci maddə ilə bağlı demək istəyirəm. Burada Bahar xanım da çox haqlı olaraq o məsələyə toxundu. Ümumiyyətlə, burada qanunvericilik texnikası baxımından hesab edirəm ki, “dini mərkəz” ifadəsinin açılışı Anlayışlar hissəsində verilməlidir və Qafqaz Müsəlmanları İdarəsi də islamla bağlı dini mərkəz olaraq orada tanıdılmalıdır. Qanunda isə ümumi dini mərkəzdən söhbət getməlidir. Həm də burada dini mərkəz deyəndə Qafqaz Müsəlmanları İdarəsi nəzərdə tutulmur. Pravoslavlar üçün, katoliklər üçün, hər biri üçün dini mərkəz var. Qafqaz Müsəlmanları İdarəsi həmin məsələləri idarə eləyə bilməz. Koordinasiya eləyə bilər, təbii ki, bu qanunda müəyyən mənada nəzərdə tutulmasa belə,  Anlayışlar hissəsində bu göstərilməlidir. Haqlı olaraq Bahar xanım da qeyd elədi ki, dini mərkəz tərəfindən dəvət edilmiş olsun, bəs komitə tərəfindən dəvət edilmə məsələsi necə? Biz onda yazmalıyıq ki, müvafiq icra orqanı və ya dini mərkəz tərəfindən dəvət edilmiş, ya ölkəyə çağırılmış. Bəs yaxşı, çağırılmamış necə? Onların dəvəti ilə gəlməyib,  hansısa konfransa gəlib, konfransda iştirak eləyir. Türkiyənin,  yaxud da İranın hansısa bir din xadimi televiziyada müsahibə verir, dinin gözəlliklərindən, yaxşı xüsusiyyətlərindən danışır, “öldürmə, qırma, başqasının malına qəsd etmə, haram işlətmə” deyir. Bu dini təbliğatı aparması üçün gedib xüsusi icazəmi almalıdır? Dini təbliğat sanki kriminal bir təbliğatdır. Dini təbliğat aparmaq nə deməkdir? Kimisə pis əməldən çəkindirməkdir. Kiməsə  deyilmir ki, get adam öldür, baş kəs. Deyir ki, haram eləmə, kiminsə malına qəsd eləmə, oğurluq eləmə, adam öldürmə. Bunu deyir də. Dini təbliğatın biri bu. Ona görə də mən hesab edirəm ki, içini doldura bilərik. Yəni radikalizmə, terrorizmə, ayrı-seçkiliyə, vətəndaşı qeyri-bərabərliyə çağıran hər hansı bir formada din pərdəsi altında təbliğat aparmağa icazə verilmir. Hansısa 20 sözü əlavə eləyə bilərik, qanunun mükəmməlliyi baxımından, hesab edirəm ki, bu daha doğru olar, yoxsa elə dini təbliğat adı ilə  xarici vətəndaşı, hətta xeyirxah məqsədlə nə isə deyən adamı da sıradan çıxartmaq düşüncəsi daşıyırıqsa, məncə, bu doğru yanaşma olmaz. Ona görə qanunvericilikdə bunun əks olunması vacibdir.
Digər 21-ci maddədə nəzərdə tutulan “xaricdə dini təhsil almış şəxslərin” ifadəsi doğru yanaşmadır. Yenə dediyim kimi, dini mərkəz məsələsini biz ümumi şəkildə Anlayışlar hissəsində Qafqaz Müsəlmanları  İdarəsini dini mərkəz olaraq tanıya bilərik. Amma qanunda hər dəfə bu adın xatırlanması hüquqi cəhətdən doğru deyil, nəhayətdə o da qeyri-hökumət təşkilatıdır, hər hansı bir şəkildə adın qabardılması, məncə, digər problemləri ortaya çıxara bilər. Bu baxımdan da Anlayışlar hissəsinin olması daha məqsədəmüvafiq olar.
Bir də 24-cü maddədə “mübadilə” məsələsi var. Bu məsələ, məncə, düzgün qoyulub. Məsələnin qoyuluşu doğrudur. Burada doğru yazılıb: “müvafiq dini mərkəz”. Burada razılaşdırmaqla “dini mərkəz” işlədilməsi daha doğrudur. Dediyim kimi, bu təkcə islamla bağlı deyil. “Dini etiqad azadlığı haqqında” Qanun islam azadlığı haqqında qanun deyil. Ona görə də hamıya aid olacaq, katoliklər də, pravoslavlar da müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdıraraq tələbə mübadiləsini həyata keçirməlidirlər. Biz bunu ancaq islamla əlaqəli tələbələrə aid eləmirik. Bəlkə hansısa din vasitəsilə xarici ölkələrin kəşfiyyat orqanları  başqa niyyətlə ölkəmiz üçün hansısa bir tələbə hazırlayır. Biz onun haqqında informasiya yığmalıyıq, bilməliyik ki, kim harada oxuyur. Bu baxımdan  həm “müvafiq dini mərkəz” sözünü işlətməklə, həm də “dini mərkəz” anlayışını verməklə bu məsələləri daha geniş spektrdə tənzimləmək imkanı əldə edə bilərik. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Elmira Axundova.
E.Axundova. Sağ olun, Ziyafət müəllim. Mənim dediyim sözlərin çoxunu Fazil müəllim dedi. Mən də dini mərkəz məsələsini demək istəyirdim ki, bəlkə “Qafqaz Müsəlmanları İdarəsi” sözlərini buradan çıxaraq. Əvvəla, deyim ki, mən bu dəyişiklikləri çox böyük məmnunluqla dəstəkləyirəm. Əvvəl də demişdim ki, biz belə maddələri qəbul etməklə çox yanlış addım atırıq. Çünki  elə Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşlarının yarısı elə xaricdə təhsil almış insanlardır. Lakin mənə bir şey maraqlıdır. Maddə 21-də biz ancaq islam dininə müraciət edirik. İslam dininə aid ayin və mərasimlərin aparılması yalnız Azərbaycan Respublikasının vətəndaşları tərəfindən həyata keçirilə bilər. Deməli, pravoslavlar, yəhudilər, katoliklər Azərbaycan Respublikasının vətəndaşı olmaya bilərlər. Bu əvvəl qəbul olunmuş maddədir, amma biz gərək buna da nəzər yetirək. Bəlkə “islam dininə aid” sözlərini götürək, “dini mərasimlərin aparılması yalnız Azərbaycan Respublikasının vətəndaşları tərəfindən həyata keçirilə bilər” olsun.  Xaricdə din təhsili almış Azərbaycan Respublikasının vətəndaşına dini mərkəz tərəfindən dini mərasimlərin aparılmasına icazə verilir. Biz bunu onsuz da istisna edirik. Onda nəyə görə islam dinini ayırırıq, mənə elə gəlir ki, bu düzgün deyil. Katoliklər kimi istəyirlər dəvət eləsinlər, pravoslavlar, yəhudilər gəlib ağızlarına gələni danışsınlar? Biz onlara nəzarət eləmirik axı, yalnız islam dininə nəzarət eləyirik. Nəyə görə?
Sədrlik edən. Elmira xanım, məsələnin qoyuluşu ilə mən razı deyiləm. 24-cü maddədə Fazil müəllim məsələyə toxundu. Burada “dini mərkəzlər” deyəndə müxtəlif dinlərə etiqad eləyən şəxslərin mərkəzlərindən söhbət gedir və onlar da müvafiq icra hakimiyyəti ilə razılaşdırılır. Yəni onlar kimləri istəyirlər gətirirlər məsələsi deyil. Siz, sadəcə olaraq, 21-ci maddəni nəzərdə tutursunuz. Burada, bəli, islama etiqad eləyən insanlardan, Qafqaz Müsəlmanları  İdarəsindən söhbət gedir. Burada Fazil müəllim anlayışlar məsələsini qaldırdı, mənə elə gəlir, buna ehtiyac yoxdur. Çünki cənab Prezident bu qanunun təsdiqi ilə bağlı fərman verəndə həmin o dini mərkəzlər hansılardır, onlar göstəriləcək. Necə ki, bizim indiyə qədər qəbul olunmuş qanunlarımızda müvafiq icra hakimiyyətləri göstərilir, eyni zamanda, həmin mərkəzlər də göstəriləcək. Mən Sizi anladım və sualınıza da cavab verdim. Narahatlığa heç bir əsas yoxdur.  Əli Hüseynli, buyurun.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Ziyafət müəllim, yazılmağımın məqsədi odur ki, zamanında “Dini etiqad azadlığı haqqında” Qanuna əlavə və dəyişikliklər bizim komitə tərəfindən hazırlanıb təqdim olunmuşdu. Çox müsbət haldır ki, – bunu dəfələrlə qeyd etmişik, – parlamentdə artıq xüsusi ixtisaslaşmış, həm dini məsələlər, həm də ictimai birliklərlə bağlı komitə var. Hörmətli həmkarımız Siyavuş müəllimin rəhbərlik etdiyi komitənin  hazırlayıb təqdim etdiyi layihə, hesab edirəm ki, həm Azərbaycan Konstitusiyasına, həm də qoşulduğumuz beynəlxalq konvensiyalara uyğundur. Qeyd etmək istəyirəm ki, zamanında hazırlanmış layihədə, o cümlədən xaricdə təhsil alma ilə bağlı narahatçılıqlar mövcud idi. Ziyafət müəllim, indi də burada səsləndi ki, Qafqaz Müsəlmanları İdarəsində çalışanların əksəriyyəti xaricdə təhsil almışdılar. Demək istəyirəm ki, hətta əvvəlki variantda belə, qanun kiməsə işləməyə mane olmurdu, çünki qanunun geri qüvvəsi yox idi və biz bunu arqument kimi səsləndirmişdik. İndiki variant, əlbəttə, daha korrektdir, məsələləri daha dəqiq göstərib. Çünki burada həm müvafiq icra hakimiyyəti orqanı, həm də Qafqaz Müsəlmanları İdarəsi ilə razılaşdırılma məsələsi qoyulmuşdur və bu istisna, hesab edirəm ki, əsaslıdır.
Eyni zamanda, qeyd etmək istəyirəm ki, 21-ci maddədə vaxtilə islam dininə aid olan mərasimlərin keçirilməsi ilə bağlı “Azərbaycan Respublikasının vətəndaşları tərəfindən keçirilə bilər” müddəası da təsadüfi deyil. Çünki Azərbaycanda islamla bağlı xüsusi bir təhsil ocağı mövcuddur və  qanunun bu müddəası da məhz islam dini ilə bağlı idi. Biz hesab edirdik ki, bu qədər mütəxəssis var, islam dini sahəsində xüsusi ixtisaslaşmış təhsil müəssisəsi mövcuddur və bu da ancaq ona xidmət edəcək ki, bu işlə Azərbaycan vətəndaşları, Azərbaycanda təhsil almış vətəndaşlar məşğul olsunlar.
Hazırkı variantda, hesab edirəm ki, dəqiqləşdirmə aparılır. Müvafiq orqanlarla, müvafiq icra hakimiyyəti ilə razılaşdırmaqla, təbii ki, dəvət etmək olar və onlar da bu mərasimlərdə iştirak edə bilərlər. Yeganə sonuncu qeydim ondan ibarətdir ki, Siyavuş müəllim qeyd etdi, təbii ki, qadağalar qanunda qalır və onlar məsuliyyət yaradacaq.
Ziyafət müəllim, qeyd etmək istəyirəm ki,  bununla bağlı artıq layihə hazırdır və bizim komitə tərəfindən təqdim olunacaq. Hörmətli millət vəkillərinə məlumat üçün demək istəyirəm ki, o məsələ artıq  narahatçılıq doğurmayacaq. Çünki qanunun bu formada qəbulu bütün mübahisəli məsələləri həll etmiş olur, həm Siyavuş müəllimə, həm də onların komitəsinə təşəkkürümü bildirirəm. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Əflatun Amaşov.
Ə.Amaşov. Hörmətli Ziyafət müəllim, hörmətli deputatlar, hörmətli media nümayəndələri! Müzakirə etdiyimiz “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi ilə əlaqədar fikirlərimi bildirmək istəyirəm.  Məlum olduğu kimi, qanunun 1-ci, 21-ci, 24-cü maddələrinə dəyişikliklər edilir. Hesab edirəm ki, 1-ci maddə üzrə təklif edilən variantda aparılan dəqiqləşmə vacibdir. 21-ci maddə üzrə isə onu deyə bilərəm ki, burada müəyyən mənada daha əvvəl mövcud olan varianta qayıdış var. Bizim üçün xaricdə dini təhsil almış Azərbaycan vətəndaşlarının islam dininə aid ayin və mərasimlərin aparılmasına buraxılmasını Qafqaz Müsəlmanları  İdarəsi də müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmalıdır  yeniliyi kifayət qədər əhəmiyyətlidir.
Eləcə də 24-cü maddəyə dəyişiklik günün tələbidir. Bütün bunlar öz yerində, amma mən bir məqama diqqətinizi çəkmək istərdim. Bizim üçün  dini təhsil zəruridir. Dini təhsilə ciddi yanaşılmalıdır. Müəyyən mənada stereotipləri sındırmalıyıq. Çünki indiki durumda dini təhsil dedikdə gözümüz önündə mövhumatçılıq canlanır.  Halbuki dini təhsil dünyəvi təhsil qədər bəşəri mahiyyət daşıyan məsələdir. Biz zamanla  bu yanaşmanın olmamasının əziyyətini çəkmişik. Əslində, yanaşmanı da təmin edə bilməmişik. “Hacı Cavad” məscidinin sökülməsi ilə bağlı bir müddət öncə meydana çıxmış insidenti xatırlayıram. Bəzi şəxslər məsələni az qala ölüm-dirim müstəvisində təqdim etmişdilər. Hətta bütün Qafqazın şeyxi çox hörmətli Allahşükür Paşazadənin də ünvanına xoşagəlməz fikirlər səslənmişdi. Halbuki belə olmamışdı. Axı Allahşükür Paşazadə  bütün məscidlərə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən eyni münasibətin olduğunu bildirmişdi.
Ümumən insanların dini etiqadı toxunulmazdır. Azərbaycan islam ölkəsi kimi dünyaya tolerantlıq nümunəsidir, ölkəmizdə müxtəlif dinlərə sitayiş edən  xalqların ibadətgahları var və həmin yerlər  dövlət tərəfindən qorunur. Bu, dövlətimizin məsələyə həssas yanaşmasıdır. Elə bu gün müzakirə etdiyimiz dəyişikliklər də həmin həssaslıqdan xəbər verir. Amma bildiyimiz kimi, bir qrup qaragüruh  var, sayları da kifayət qədərdir, durmadan da artır. Onlar elə zənn edirlər ki, guya “Hacı Cavad” məscidində dövləti hansısa məsələdə geri addım atmağa məcbur ediblər. Həmin qüvvələr sabah da qadın azadlığının şərəfinə 1930-cu illərdə ucaltdığımız “Azad qadın” heykəlinin sökülməsini tələb edə bilərlər. Biz belə zərərli, xaotik təfəkkürə  əsaslanmış düşüncələrə yer verməməliyik. Bunun yolu isə düzgün təhsildən keçir. Doğru və dürüst dini təhsil dünyəvi təhsil kimi bəşəri mahiyyət daşıyan məsələdir. Bizə bu bəşəriliyi aşılayacaq kadrlar lazımdır. Hesab edirəm ki, qanuna dəyişiklik həmin kadrları tapmaq üçün imkan verəcək. Sadəcə, həssas olmalıyıq. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Hörmətli həmkarlar, – Siyavuş müəllim, mən Sizə söz verəcəyəm, – deyilən fikirlərə münasibət bildirəcəksiniz, amma mənə elə gəlir ki, burada fikir aydındır. Burada fikirlər səsləndi, tamamilə normal dəyişikliklərdir, normal əlavələrdir. Əgər etiraz eləmirsinizsə, Siyavuş müəllimə söz verək, fikrini yekunlaşdırsın, ondan sonra səsverməni həyata keçirək. Buyurun, Siyavuş müəllim.
S.Novruzov. Təşəkkür edirəm, Ziyafət müəllim. Hər bir təklif verən həmkarıma da təşəkkür edirəm ki, qanunun daha da zənginləşdirilməsinə  səbəbkar olacaq. Amma bir şeyi yada salmaq istəyirəm ki, bunlar əlavə və dəyişikliklərdir. Bütün anlayışlar “Dini etiqad  azadlığı haqqında” Qanunda verilib. Onlar hamısı burada göstərilib.
İkincisi, başqa bir qanun da qəbul eləmişik. Xatirinizdədirsə, “Dini ekstremizmə qarşı mübarizə haqqında” Qanunda  harada təbliğat aparmaq olar, harada təbliğat aparmaq olmaz, məscidin içində olmalıdır, yoxsa çölündə olmalıdır, bunlar hamısı verilib. Burada 3 narahatedici məsələ var idi. Bahar xanım qeyd elədi, burada dini mərkəz deyəndə elə Qafqaz Müsəlmanları İdarəsi nəzərdə tutulur. Çünki o biri təşkilatların Azərbaycanda dini mərkəzləri yoxdur. O ki qaldı islam dini ilə bağlı Elmira xanımın qaldırdığı məsələyə, bir şeyi nəzərə almalıyıq ki, o biri təşkilatların burada institutları yoxdur. Nə pravoslav kilsəsinin, nə də katoliklərin burada universiteti mövcud deyil. Azərbaycanda  dini təhsil verən Bakı İslam Universiteti, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsi, Qafqaz Müsəlmanları İdarəsinin təsis etdiyi 3 mədrəsə və bir neçə bu cür mədrəsə fəaliyyət göstərir. Qeydiyyatdan keçmiş 719 icmanın 692-si  islamla bağlıdır. Cəmi 20-yə yaxın, yəni 17-si  başqa dinlərlə bağlı olandır. Bu baxımdan islam dini ilə əlaqədar ayin və mərasimlər  nəzərdə tutulur. Bu çox mütərəqqi bir addımdır, bütün alimlərə, üləmalara şərait yaradılır ki, dini mərasimləri yerinə yetirə bilsinlər. Ona görə həmkarlarımdan səs vermələrini xahiş edirəm.
Sədrlik edən. Siyavuş müəllim, çox sağ olun. Tahir müəllimin sualı var. Buyurun, Tahir müəllim.
T.Kərimli. Təşəkkür edirəm, Ziyafət müəllim. Çıxış eləmək istəyirdim, indi məcburam sual şəklində verim. 1-ci maddədə gördüyünüz kimi, “dini mərkəz” sözlərini işlədirik, ancaq 21-ci maddədə açıqca yazırıq ki, “Qafqaz Müsəlmanları İdarəsi”.  Elə burada da dini mərkəz işlətmək lazımdır. Hamıya aydın olsun və gələcəkdə də proseslər idarə olunsun. Amma ondan əvvəlki cümlə məni çox narahat edir. Çünki orada yazılır: “İslam dininə aid ayin və mərasimlərin aparılması yalnız Azərbaycan Respublikasının vətəndaşları tərəfindən həyata keçirilə bilər”.  Mən hesab edirəm ki, bu cümlə çıxarılmalıdır. Yadınızdadırsa, həmin dəyişikliklər olanda həm komitə iclaslarında, həm də plenar iclasda biz etiraz elədik, yenə də eyni vəziyyətə düşəcəyik. İslam dininə belə məhdudiyyət qoymaq olmaz. Bundan əvvəl “Telekommunikasiya haqqında” Qanun qəbul olundu. Hörmətli Rafael müəllim məruzə elədi, ancaq mən anlaya bilmədim ki, bu qanunun Mədəniyyət komitəsinə nə dəxli var. Ona görə mən arzulayıram ki, mütləq bu cümlə çıxarılsın və “Qafqaz Müsəlmanları  İdarəsi” elə “dini mərkəz” sözləri kimi qalsın, çünki o, hamısını əhatə eləyə bilər. Təşəkkür edirəm.
Sədrlik edən. Bu məsələyə Siyavuş müəllim aydınlıq gətirdi, Tahir müəllim, mən təkrar eləmək istəmirəm. Ona görə başqa fikir yoxdursa, buyurun, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.05 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 1
İştirak edir 92
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında  Azərbaycan Respublikası qanununun layihəsi barədədir. İkinci oxunuşdur. Arif müəllim, buyurun.
A.Rəhimzadə, Milli Məclisin Regional məsələlər komitəsinin sədri.
Sağ olun, Ziyafət müəllim. Hörmətli həmkarlar, “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” Qanunun birinci oxunuşunda bizim hörmətli həmkarlarımız Azay Quliyev, Tahir Kərimli, Qənirə xanım Paşayeva, Ziyafət Əsgərov və Siyavuş Novruzov tərəfindən bir sıra təklif və iradlar irəli sürülmüşdü. Biz onların hamısına çox diqqətlə baxmışıq. Bu başdan deməliyəm ki, bütün fikirlərə çox hörmətlə yanaşırıq. Biz çalışdıq ki, o iradlara, təkliflərə baxanda öz tərəfimizdə deyil, o təklifləri verənlərin mövqeyində dayanaq və bu məsələləri həll etməyə çalışaq. Məsələ belədir. 2-ci maddənin 2.0.2-ci bəndində “şəffaflıq” sözündən sonra “hesabatlıq” sözü də əlavə edilsin. “Bələdiyyələrin statusu haqqında” Qanunun 15-ci və “Bələdiyyə üzvlərinin statusu haqqında” Qanunun 9-cu maddəsində yazılır: “Bələdiyyə üzvü 6 ayda bir dəfədən az olmayaraq seçicilərinə hesabat verir”. 15-ci maddənin birinci bəndində yazılır: “Etik davranış qaydalarına əməl olunmasına bələdiyyənin sədri nəzarət edir”. Bəs bələdiyyənin sədrinin fəaliyyətinə kim nəzarət edəcəkdir? Bələdiyyələrin nümunəvi nizamnaməsinin 7-ci bölməsində yazılır: “Bələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri öz fəaliyyətlərində və qəbul etdikləri qərarlarda hüquqazidd hərəkətlərinə, hərəkətsizliklərinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar”. Bələdiyyə sədri fəaliyyətində nöqsana yol versə, bələdiyyə üzvü kimi bələdiyyənin iclasında müzakirə oluna bilər və ona bu qanun layihəsinin 17-ci maddəsinə uyğun olaraq nəzərdə tutulan intizam məsuliyyətinin tədbirlərindən biri tətbiq edilə bilər.
16-cı maddənin 2.2-ci bəndinə əsasən kütləvi informasiya vasitələrində bələdiyyə üzvü tərəfindən bu qanunun müddəalarının pozulmasına və maraqların toqquşmasına yol verildiyi barədə məlumatın dərc edilməsi halı olarsa, onda intizam icraatına başlanıla bilər. Əgər bu məlumat əsassız olarsa, bələdiyyə üzvünün özünü müdafiə edə bilməsi mexanizmi olmalıdır. Məsələn, apellyasiya komissiyası yaradıla bilər. İnzibati icraatı kim aparacaq? “Bələdiyyələrin statusu haqqında” Qanunun 17-ci maddəsinin birinci bəndində qeyd olunur: “Bələdiyyələr daimi və başqa komissiyalar yarada bilərlər, inzibati icraatı həmin komissiya apara bilər”.
Növbəti təklif etik davranışın tərifinin verilməsidir. Sözün doğrusu, mən də tərəfdarı idim ki, belə bir tərif verilsin. Layihənin II fəslində sadalanan  peşəkarlıq və fərdi məsuliyyətin artırılması, loyallıq, insan hüquq və azadlıqlarına, şəxslərin qanuni maraqlarına, şərəf və ləyaqətinə, işgüzar nüfuzuna hörmət, mədəni davranış, qərəzsizlik, korrupsiyanın qarşısının alınması, hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər, maraqlar toqquşmasının qarşısının alınması və sair normalarda özünü ehtiva edir.
Layihənin 7-ci maddəsinin birinci bəndində “qohumluq əlaqələrinə” sözləri də əlavə edilsin. “Bələdiyyə qulluğu haqqında” Qanunun 5.3-cü maddəsində yazılır: “Hər hansı şəxs bələdiyyə qulluğuna aşağıdakı hallarda qəbul edilə bilməz: bələdiyyənin sədri, bələdiyyə sədrinin müavini, müavinləri və bilavasitə tabeliyində və ya nəzarəti altında işləyən bələdiyyə qulluqçusu, qulluqçu ilə yaxın qohumluq və ya qudalıq əlaqəsi olduqda”. Mötərizədə o yaxın qohumlar kimdir, o da açılır.
Layihənin 17-ci maddəsinin birinci bəndində göstərilən xəbərdarlıq və töhmətdən sonra etik davranış qaydalarını pozana nə cəza veriləcək? Eyni zamanda, 17.4-cü maddədə göstərilir ki, etik davranış qaydalarını pozmuş bələdiyyə üzvünün üzvlüyünə xitam verildikdə ona qarşı intizam məsuliyyəti tədbirləri tətbiq edilmir. Lakin xata varsa, cəza da olmalıdır. “Bələdiyyə üzvünün statusu haqqında” Qanunun 15-ci maddəsində yazılır: “Bələdiyyə üzvü barəsində aşağıda göstərilən intizam tədbirlərinin tətbiq edilməsi qaydası bələdiyyələrin nizamnaməsi ilə tənzimlənir. Xəbərdarlıq, söz kəsmə, iclas zalından çıxarma, töhmət, bələdiyyə üzvünün səlahiyyətlərinə xitam verilmə”. Bu sualın cavabı “Bələdiyyələrin statusu haqqında” Qanunun 21-ci, 22-ci bəndlərində də öz əksinı tapıbdır. Burada deyilir ki, bələdiyyə üzvlüyünə xitam verildisə, o niyə cəza almır. Bəs bundan böyük nə cəza ala bilər? Növbəti təklif belə olubdur. Layihənin 17-ci maddəsinin ikinci bəndində qeyd olunur ki, intizam tənbehi tətbiq edilərkən bələdiyyə üzvünün şəxsiyyəti, kollektivdə nüfuzu, peşəkarlıq səviyyəsi, onun törətdiyi xatanın xarakteri nəzərə alınmalıdır. Hesab edirəm ki, xataya yol verən mütləq cəzalandırılmalıdır. Təkcə bələdiyyədə yox, ümumiyyətlə, bütün kollektivlərdə də hansı isə bir şəxs xataya yol verəndə onun, əlbəttə ki, kollektivdəki nüfuzu, işgüzarlığı və ən əsası törətdiyi hərəkətin mahiyyəti həmişə nəzərə alınır. Bu normal bir haldır və mənə elə gəlir ki, bu haqda danışmağa ehtiyac yoxdur.
Nəhayət, bir qədər qərəzli tərzdə verilən axırıncı irad. Qeyd olundu ki, bələdiyyələrin iclası bələdiyyənin sədri tərəfindən və ya bələdiyyə ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı 25 faizinin təşəbbüsü ilə çağırıla bilər. Xətai rayonundakı 110 min seçicinin 25 faizi və ya üçdə biri olan 30–40 min seçici stadiona yığışsın ki, biz bələdiyyə sədrinin etik davranışını müzakirə etməliyik. Buna  düzgün bir forma verilsin və gələn müzakirədə təqdim edilsin. Məsələnin yolu layihənin 15.2.1-ci bəndində qeyd olunubdur. Etik davranış qaydalarını pozanı bələdiyyənin iclasına hansı halda çıxartmaq olar? Bunun iki yolu var. Bir yol ondan ibarətdir ki, bələdiyyə ərazisində yaşayan seçicilərin 25 faizindən az olmayan hissəsi iclas keçirir. Bu o demək deyil ki, bu iclasın hamısı bir gündə və bir yerdə keçirilməlidir. Bu, ayrı-ayrı yerlərdə də keçirilə bilər, məhəllələrdə də keçirilə bilər, hətta başqa tarixdə də keçirilə bilər. Deməliyəm ki, bununla əlaqədar bizim müəyyən təcrübəmiz də var. Bələdiyyələrin birləşməsi yolu ilə bilirsiniz ki, 2009-cu və 2014-cü illərdə belə iclaslar keçirilibdir. Düzdür, bu bələdiyyələr xırda bələdiyyələr idi, ancaq hər halda belə bir təcrübə var.
İkinci yol ondan ibarətdir ki, bələdiyyə üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə də belə iclas keçirilə  və məsələ öz həllini tapa bilər. Deyilən təkliflər bunlardır, diqqətinizə görə minnətdarlığımı bildirirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun, Arif müəllim, təşəkkür edirəm. Hörmətli deputat həmkarlarım, ikinci oxunuşun öz tələbləri var,  qaydaları var. Nizamnaməyə görə biz ikinci oxunuşda qanun layihəsinin müzakirəsinə keçməzdən əvvəl onu əsas kimi qəbul etməliyik, elə deyilmi?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, əsas kimi qəbul edək, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.15 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 93
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Qanun layihəsinin müzakirəsi ilə bağlı danışmaq, çıxış etmək,  fikir söyləmək istəyənlər varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yoxdur.
Qanun layihəsi 3 fəsildən ibarətdir. Ona görə də gəlin I, II fəsli ayrı, sonra III fəsli ayrı səsə qoyaq. Buyurun, I və II fəsillərə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.16 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
III fəslə, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.16 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 1
İştirak edir 95
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Qanun layihəsinə bütövlükdə münasibət bildirməyinizi xahiş edirəm.

Səsvermənin nəticələri (saat 14.17 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun, təşəkkür edirəm.
Hörmətli deputatlar, artıq  3-ə 9 dəqiqə işləyib. Əgər etiraz etməsəniz, bizim iki qanun layihəmiz qalıb, fasiləsiz işləyək və  yekunlaşdıraq. Bir az operativ işləsək, yaxşı olar.
Növbəti məsələ Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında Azərbaycan Respublikası qanununun layihəsidir. Hadi müəllim, buyurun.
H.Rəcəbli, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri.
Hörmətli Ziyafət müəllim, hörmətli deputat həmkarlarım! Bildiyiniz kimi, aprel ayının 14-də bu layihə birinci oxunuşda müzakirə olundu, fikirlər, təkliflər səsləndi. Həmin iclasdakı  çıxışımda söylədim ki, biz 5 komitənin üzvləri ilə yığışıb bir də bu məsələyə baxacağıq. Bu, cəmiyyət tərəfindən yüksək səviyyədə qəbul olunmuşdu, xeyli təkliflər, rəylər vardı və biz aprelin 27-də İnsan hüquqları, Əmək və sosial siyasət, Hüquq siyasəti və dövlət quruculuğu, Səhiyyə,  Gənclər və idman komitələri ilə bir yerdə yığıldıq. Eyni zamanda, müvafiq icra strukturunun rəhbərləri, qeyri-hökumət təşkilatlarının iştirakı ilə bunu geniş müzakirə etdik. Xeyli təklif və rəylər səsləndi. Mən minnətdarlığımı bildirmək istəyirəm. Yığıncaqda hörmətli həmkarlarım Bahar xanım Muradova, Əhliman Əmiraslanov, Musa Quliyev, Rövşən Rzayev, Jalə xanım Əliyeva, Qənirə Paşayeva, Sona Əliyeva, Araz Əlizadə, Elman Nəsirov, Əflatun Amaşov, eyni zamanda, qeyri-hökumət təşkilatlarından dəvət olunan nümayəndələr burada çıxış etdilər. Onu da vurğulayım ki, birinci oxunuşda plenar iclasda geniş müzakirələr oldu. Musa Quliyev, Tahir Rzayev, Qənirə Paşayeva, Sona Əliyeva, Tahir Kərimli, Rüfət Quliyev, Hikmət Məmmədov, İlham Əliyev çıxış edərək bir sıra çox sanballı və əhəmiyyətli təkliflər irəli sürdülər.
Mən, Ziyafət müəllim, bütün düzəlişləri qeyd edə bilərəm, amma əsas bir şeyi demək istəyirəm. Burada səslənən bütün rəy və təkliflər, demək olar ki, tamamilə nəzərə alındı. Layihədə, əlbəttə, ciddiləşmə işlərini  gördük. Biz çox şey istəyirik, amma bizim istəyimizdən asılı olmayan şeylər var. Tamamilə qadağan etmək imkanları məhduddur. Çünki biz bu layihənin  həyata keçməsi üçün sizə təqdim olunan imkanlardan artıq  oraya əlavə fikirlər sala bilmədik. Mən ona görə, əsasən, həyata keçirilən düzəlişlər haqqında belə yığcam məlumat verdim.  Bu layihə bizim cəmiyyət tərəfindən gözlənilən   çox aktual layihədir. Ona görə də xahiş edirəm, bu layihəyə səs verək. Zaman gələ-gələ, reallıqlar buna imkan verə-verə, bu qanunu biz bir az da sərtləşdirə bilərik. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Hadi müəllim, çox sağ olun, təşəkkür edirəm.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Darıxmayın, səsə qoyacağıq, amma prosedur qaydası var axı.  Niyə tələsirsiniz? Bu qanun layihəsi ikinci oxunuşda müzakirə olunur. Elədirmi, Hadi müəllim?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. İkinci oxunuşun tələbinə uyğun olaraq biz qanun layihəsini müzakirə etmək üçün onu əsas kimi qəbul etməliyik. Gəlin əsas kimi qəbul edək, sonra baxarıq. Səs verin,  zəhmət olmasa.

Səsvermənin nəticələri (saat 14.21 dəq.)
Lehinə 80
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 80
Yetərsay yoxdur

Yetərsay yoxdur. Xahiş edirəm, səsvermədə diqqətli olun. Bir də səs verək.

Səsvermənin nəticələri (saat 14.22 dəq.)
Lehinə 94
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 97
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. 
İndi isə qanun layihəsinin müzakirəsinə keçirik. Jalə Əliyeva, buyurun.
J.Əliyeva. Təşəkkür edirəm. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Müzakirə edəcəyimiz bu qanun layihəsi, əlbəttə, çox əhəmiyyətli bir layihədir. Nəzərə alaq ki, sağlam millət sağlam gələcək deməkdir. Millətin sağlamlığına təhlükə yaradan amillərdən biri də siqaretdir, tütün məmulatlarıdır. Siqaretin vurduğu zərər və gətirdiyi bəlalar, təəssüf ki, son dövrlərdə daha da artıb. Bu məsələ, belə deyək ki, qanunverici qaydada tənzimlənməyə bir ehtiyac yaradıb. Əlbəttə, təqdimatda da qeyd edildi, Hadi müəllim də dedi, bu elə bir məsələdir ki, birbaşa və ya dolayısı ilə də olsa insan hüququna toxunur. Ona görə də  müzakirələr vaxtı da və qanun hazırlandığı vaxtda da hər iki tərəfin maraqları və ehtiyacları nəzərə alındı. Siqaret çəkən və çəkməyən tərəflərlə bağlı qanunda müəyyən güzəştlər də nəzərə alınıb. Yəni tam deyərdim ki, hər iki tərəfin maraqları nəzərə alınaraq balanslı şəkildə hazırlanmış bir qanundur və çoxdan bunun qəbuluna və tətbiqinə  ehtiyac yaranmışdı. Biz qanunun birinci oxunuşda  müzakirəsi zamanı, daha sonra ikinci oxunuşda komitədə müzakirəsi zamanı müəyyən fikirlər, təkliflər irəli sürmüşük və yeri gəlmişkən, təşəkkür edirik ki, həmin təkliflərin və fikirlərin böyük bir hissəsi nəzərə alınıb.
Ümumiyyətlə, qanun çox mükəmməl hazırlanıb, çox təkmil bir qanundur və birinci oxunuşdan sonra daha da təkmilləşdirilib. Bu gün hər birimizin qarşısında olan qanun layihəsi haqqında mən deyərdim ki, heç irad tutulacaq bir şey yoxdur. Bu bəlkə subyektiv və obyektiv qarşılana bilər, ancaq bu belədir. Mən bir daha qanunu hazırlayanlara da, müzakirəsində fəal iştirak edənlərə də, – Bahar xanımın rəhbərliyi ilə qanun ikinci dəfə müzakirə edildi, – təşəkkür edirəm. Eyni zamanda, çox  kiçik bir iradımı diqqətinizə çatdırmaq istəyirəm. Bayaq dediyim kimi, təklif və fikirlərimizin hamısı nəzərə alınıb və bu, həqiqətən də belədir. Sadəcə olaraq, mən düşünürəm ki,  mexaniki bir xata olub. Bunu da düzəltmək elə bir problem deyil. Məsələ ondadır ki, 14.2-ci və 14.3-cü maddələrin digər maddəyə ehtiva etdiyi tutumu və məzmunu baxımından digər maddəyə aid olduğunu  qeyd etmişdik və 11-ci maddəyə keçirilməsini  təklif etmişdik. Bu, nəzərə alınıb və 14.3-cü maddə 11-ci maddəyə keçirilib, 14.2-ci maddə isə digər maddələrdə də təkrarlandığına görə tamamilə çıxarılıb. Lakin düşünürəm ki, bir kiçik nüans burada nəzərdən qaçırılıb. Yeni paylanan nüsxədə 14.1-ci maddədən sonra 2 və 3-cü maddələr çıxarıldığına görə birbaşa 14.4-cü maddə gəlir, yəni 14.1-ci maddədən sonra 14.2 və 14.3-cü maddələr qeyd edilmədən 14.4-cü maddə yazılıb. Bu, yenə də deyirəm, sırf mexaniki  bir məsələdir. Onu, xahiş edirəm, redaktə vaxtı nəzərə alın. Qanunu yazanlara bir daha təşəkkür edirəm və arzu edirəm ki, bu qanun cəmiyyətdə tam gücü ilə tətbiq edilsin. Çünki buna sosial bir sifariş də var. Mən bu qanuna səs verəcəyəm. Əgər qəbul etsəniz, bir təklifim də var. Mənə elə gəlir, bu tam hazır bir qanundur və üçüncü oxunuşa heç ehtiyac da yoxdur. Yəqin, həm ikinci, həm də üçüncü oxunuşda birbaşa  qəbul  oluna bilər. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Şahin İsmayılov.
Ş.İsmayılov. Hörmətli Ziyafət müəllim, dəyərli həmkarlar! Təbii ki, mən də bu qanun layihəsinin lehinə səs verəcəyəm və qısa olaraq bu qanun layihəsi ilə bağlı,  ümumilikdə, siqaret və tütün məhsullarına qarşı mübarizə ilə bağlı bir-iki təklifimi vermək istəyirəm. Xarici təcrübədə tütünlə mübarizə ilə bağlı çox yaxşı bir məqam var. Bu da  siqareti,  tütün  məhsullarını tərgitmək istəyən insanlar üçün ixtisaslaşmış mərkəzlərin, o cümlədən qaynar xətt saytlarının yaradılmasıdır. Təklif edərdim ki, bizdə də Səhiyyə Nazirliyinin və yaxud  hər hansı bir mərkəzin, qurumun nəzdində belə mərkəzlər yaradılsın. Çünki təcrübə göstərir ki, siqareti tərgitmək istəyən insanlar üçün bu mərkəzlər kifayət qədər yaxşı rol oynayır və onlar bu mərkəzlərə müraciət edərək həm siqaretdən asılılığın nə dərəcədə olduğunu öyrənə bilirlər, həm də siqaretin mənfi təzadları haqqında daha geniş məlumat əldə edə bilirlər. Habelə orada olan ixtisaslı kadrlar həmin insanlara bu vərdişdən yaxa qurtarmağa köməklik göstərirlər.
İkinci təklifim qəlyanla bağlı olan bir məqamdır. Bilirsiniz ki, Azərbaycanda çay evləri kifayət qədər geniş yayılıb və bu çay evlərinin əksəriyyətində qəlyan verilir. Sadəcə olaraq, qəlyan verilən aparatların mütəmadi olaraq təmizlənməməsi və eyni aparatdan gün ərzində bir neçə dəfə istifadə olunması ciddi şəkildə xəstəliklərin yayılmasına gətirib çıxara bilər. Xarici təcrübədə bizimlə qonşu olan ölkələrdə  qəlyan avadanlıqlarının  boru hissəsinin birdəfəlik istifadə olunan trubalarla, borularla əvəz olunması məsələsi var. Bizdə də yenə Səhiyyə Nazirliyinin və yaxud aidiyyəti qurumların tərkibində bu məsələyə diqqət yetirilsə, düşünürəm ki, bu xəstəliklərin yayılması riskinin ciddi şəkildə azalmasına səbəb ola bilər. Diqqətinizə görə  təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Əhliman Əmiraslanov.
Ə.Əmiraslanov. Çox  hörmətli Ziyafət müəllim, hörmətli həmkarlar! Mən də hesab edirəm, belə bir qanunun bu gün müzakirə olunması son dərəcə vacib bir məsələdir. Xüsusilə əhalinin sağlamlığının qorunması sahəsində belə bir qanunun qəbul olunmasının çox böyük əhəmiyyəti var. Dediyim fikirləri bir neçə rəqəmlə  təsdiq etmək istərdim. Ümumdünya Səhiyyə Təşkilatının rəsmi məlumatına görə, tütün məmulatlarından istifadə etmə səbəbindən hər 6 saniyədən bir dünyada bir insan ölür. İldə 5 milyon insan bu səbəbdən dünyasını dəyişir. Bütün bunlar bir daha onu göstərir ki,  bu zərərli adətlə mübarizə son dərəcə böyük əhəmiyyət kəsb edən məsələdir. İstərdim onu qeyd edim ki, bu, cəmiyyətin tələbidir və  çoxdan gözlədiyi bir qanundur. Şükürlər olsun ki, biz bu qanunu bu gün qəbul edirik. Qanunu qəbul etmiş ölkələrin təcrübəsi göstərir ki, bu qanunun işlək mexanizmini hazırlamaqla həyata keçirsək, əhali arasında  tütün məmulatlarından istifadə edənlərin sayını 3–5 dəfə azaltmaq olar. Bu da təxminən 10 milyonlarla insanın həyatını xilas etmək deməkdir.
Bu qanun layihəsi Səhiyyə komitəsində də geniş müzakirə olunub. Biz öz təkliflərimizi və tövsiyələrimizi vermişik. Mən də Hadi müəllimə və komitəyə öz dərin təşəkkürümü bildirirəm ki, bu təkliflərin bir çoxu qəbul olunub və son variantda öz əksini tapıbdır.
Mən istərdim, bir neçə qeydimi deyim. Mənə elə gəlir ki, bunlar da qanun layihəsində öz əksini tapsa, pis olmaz. Məlum olduğu kimi, uzun illərdir, siqaret qutularının üzərində tütün məmulatlarının orqanizmə zərəri, təsiri haqqında antireklam xarakteri daşıyan yazılar gedir. Təcrübə göstərir ki, bu yazılar artıq öz təsirini itirib. Təcrübi olaraq heç bir əhəmiyyət kəsb etmir. Tütün məmulatlarının  insan orqanizminə, xüsusilə ayrı-ayrı orqanlara təsiri nəticəsində yaranmış patologiyalar, xəstəliklər barəsində qrafik şəkillərin qutuların üzərində verilməsi daha böyük əhəmiyyət kəsb edərdi. Bu sahədə təcrübəsi olan ölkələrdə də məlum olub ki, bu, son dərəcə səmərəli bir tədbirdir.
Digər bir məsələ tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasının qadağan edilməsidir. Bu da, mənə belə gəlir ki, düzgün məsələdir. Bizim qanunumuzda öz əksini tapıb. Ancaq dünyada həmin sahədə böyük təcrübəsi olan ölkələr bu yaşı artıq 18-dən 21-ə qaldırıb. Buna da baxmaq olar.
Mənim axırıncı qeydim. Qadağan olunmuş yerlərdə tütün məmulatlarından istifadə edənlərə qarşı çox ciddi cəzalar və tədbirlər nəzərdə tutulub. Bu çox yaxşıdır və vacibdir. Ancaq mənə belə gəlir ki, bu müəssisə sahiblərinin məsuliyyət məsələsi də burada çox ciddiləşdirilməlidir. Əgər bu, birtərəfli olsa, onda bu qanundan biz ciddi təsir görməyəcəyik. Son olaraq onu qeyd etmək istəyirəm ki, mən belə bir qanunun qəbul olunmasına səs verəcəyəm və deputat həmkarlarımdan da xahiş edirəm ki,  bu qanun layihəsini dəstəkləsinlər. Diqqətinizə görə təşəkkür edirəm.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Sağ olun. 4 nəfər yazılan var. Təkid edən yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Əgər təkid edən yoxdursa, bu, qanun layihəsinin ikinci oxunuşudur, 3 fəsil, 17 maddədir. Fəsil-fəsil səsə qoyaq. Xahiş edirəm, qanunun I fəslinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.34 dəq.)
Lehinə 87
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 88
Nəticə: Qəbul edildi

Çox sağ olun,  qəbul edildi.
II, III fəslə münasibət bildirək. 

Səsvermənin nəticələri (saat 14.35 dəq.)
Lehinə 86
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 87
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi. Qanun layihəsinə bütövlükdə ikinci oxunuşda  münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.35 dəq.)
Lehinə 88
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 89
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi. Qanun layihəsi ikinci oxunuşda bütövlükdə qəbul edildi.
Növbəti 10-cu məsələ Kabel şəbəkəsi yayımı haqqında qanun layihəsidir. Buyursun Rafael Hüseynov.
R.Hüseynov. Hörmətli millət vəkilləri, diqqətinizə təqdim edilən  Kabel şəbəkəsi yayımı haqqında Azərbaycan Respublikasının qanun layihəsi, zənnimcə, Azərbaycanın bu günü və gələcəyi üçün son dərəcə ciddi əhəmiyyət kəsb edən bir sənəddir. Televiziya həyatımızın çox mühüm bir elementidir. Azərbaycan televiziya məkanının yaşı 60-ı yenicə keçib. Bu 60 il ərzində Azərbaycan televiziyası böyük inkişaf yolu keçib.
Ötən əsrin 70-ci illərində biz Azərbaycan televiziyasında ikinci kanalın yaranmasını böyük bir hadisə kimi qavrayırdıqsa, bu gün insanlar onlarla, bəzən yüzlərlə televiziya kanalını izləmək imkanındadırlar. Azərbaycanın sərhədləri yalnız bəlli coğrafi nöqtələrdən başlanmır. Bu gün Azərbaycanın sərhədləri hər birimizin evinin içərisidir. Çünki düymə basılınca dəvət gözləmədən ən müxtəlif telekanallar mənzilimizə,  düşüncəmizə daxil olurlar və onlar bizə yalnız informasiya vermirlər, həm də düşüncəni və əqidəni dəyişmək, şəxsiyyəti formalaşdırmaq, dəyərlərə münasibətləri müəyyənləşdirmək gücünə malikdirlər. Ona görə də bugünkü çağda kabel şəbəkəsi yayımı vasitəsilə bizə çatan kanallar çox böyük, həm mənəvi, həm siyasi məna daşıyırlar. Ona görə də bu sahədə tənzimləyici mexanizmlərin olmasına, qanuni bazanın olmasına ciddi əsas vardır, informasiya texnologiyalarının inkişafı həyatın bütün sahələrinə təsir etdiyi kimi, bilavasitə kabel şəbəkəsi yayımı sahəsinə də  öz təsirini göstərmişdir.
Azərbaycanda bu gün kabel şəbəkəsi yayımı sahəsində konkret bir qanun yoxdur. Halbuki belə bir qanunun ortada olmasına çox ciddi ehtiyac vardır. “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildikdən, Milli Televiziya və Radio Şurası yaradıldıqdan sonra milli tezliklərdə xarici telekanalların yayımlanması dayandırılmışdı. Təbii ki, bundan sonra xarici telekanallara baxmaq zəruriyyətini, insanların bu ehtiyacını ödəmək üçün  kabel şəbəkəsi yayımı ortaya çıxdı və bundan geniş şəkildə istifadə edilməyə başlandı. Azərbaycan Respublikasının “Televiziya və radio yayımı haqqında” Qanunu 2002-ci ilin iyun ayında qəbul edilib. O qanunun 30-cu maddəsi kabel şəbəkəsi yayımı haqqındadır. Həmin 30-cu maddə bu sahədəki normaların Azərbaycan Respublikasının müvafiq qanunu ilə tənzimlənməsini tələb edir. Halbuki 2002-ci ildən uzun bir zaman keçməsinə baxmayaraq, belə bir qanun ortada yox idi. Ona görə bu qanunun qəbul olunması zəruridən zəruridir. Sadəcə, bu sahədə işləri tənzimləyən Milli Televiziya və Radio Şurasının qəbul etdiyi daxili qaydalar idi. Lakin o daxili qaydalar da qanun gücündə olmadığına görə, hər dəfə ciddi problemlər, mübahisələr ortaya çıxarkən məhkəmələrə müraciət etmək məsələsi gündəmə gəlirdi. Bu da proseslərin bəzən çox təxirə salmadan gerçəkləşməsi, hansısa kanalın dayandırılması məsələsinin uzanmasına səbəb olurdu. Ona görə də indiki halda Kabel şəbəkəsi yayımı haqqında qanun layihəsinin ortada olması, diqqətinizə təqdim edilməsi və müzakirələrdən sonra qəbul ediləcəyi, düşünürəm ki, bu sahədə qanuni bazanın yaranmasını təmin edəcək və işlərin daha artıq nizamlı inkişafına öz təsirini göstərəcəkdir.
Bu gün Azərbaycan Respublikasında 17  kabel televiziyası və 15  İP televiziya yayımı şəbəkəsi mövcuddur ki, burada təxminən 100 kanala baxmaq imkanındayıq.  Halbuki həmin kabel şəbəkəsi yayımının əhatə etdiyi kanalların, qəbul edə biləcəyi kanalların sayı 200-dür. Təbii ki, burada ölkəmizin maraqları nöqteyi-nəzərindən, siyasi nöqteyi-nəzərdən, mənəvi nöqteyi-nəzərdən seçim aparılır və digər amillər nəzərə alınaraq kanallar seçilir, o kanalların Azərbaycana təqdim edilməsində münasib olanları xalqın diqqətinə çatdırılır. Arxada qalan kabel şəbəkəsi yayımı ilə məşğul olan ayrı-ayrı yayımçıların fəaliyyətinin izlənməsi göstərir ki, bəzən burada sui-istifadə hallarına da yol verilir. Bəzən yayımçıların hüquqları pozulur. Çox zamansa yayımçılar tərəfindən abunəçilərin hüquqları pozulur. Düşünürəm ki, bunu kabel şəbəkəsi yayımından istifadə edən vətəndaşlarımızın hər biri  gündəlik  məişətlərində və həyatlarında müşahidə etmişlər. Ona görə də belə bir qanunun hazırlanması və tənzimləyici prosesin gerçəkləşməsi son dərəcə mühümdür. Həcmcə balaca olsa da,  bu qanun, düşünürəm ki, mahiyyətdə böyükdür və son dərəcə gərəklidir.
4 fəsil və 17 maddədən ibarət olan bu qanun layihəsi kabel şəbəkəsi yayımı sahəsində həm təsnifat aparır, həm qarşılıqlı münasibətləri müəyyənləşdirir, həm də mövcud qanunlarla bu qanunun əlaqələndirilməsi şəraitində proseslərin düzgün  səmtləndirilməsini təmin edir. Bu qanun layihəsi hazırlanarkən müvafiq ölkələrdə olan qanun layihələrindən istifadə edilmişdir. Amerika Birləşmiş Ştatlarında, Böyük Britaniyada, Çində, Rusiyada, Ukraynada, Taylandda və digər ölkələrdə olan  yaxın və oxşar, bəzən eyni tipli qanun layihələri nəzərdən keçirilmiş, onların  ən müsbət təcrübələrindən istifadə edilmiş və Kabel şəbəkəsi yayımı haqqında bu qanun layihəsi hazırlanmışdır. Düşünürəm ki, bu qanun ən konkret maddələri, mahiyyəti əks etdirdiyindən çox vaxt aparmadan müzakirə edilib qəbul edilə bilər.
Bu qanunun qəbul edilməsi, bir daha təkrar edirəm ki, Azərbaycanın bütövlükdə gələcək inkişafı, telekommunikasiyanın, informasiya texnologiyalarının inkişafı nöqteyi-nəzərindən, irəliləyişi səmtləndirmək nöqteyi-nəzərindən vacib olmaqla yanaşı, hər bir azərbaycanlı ailəsi üçün  onun sağlam seçim etməsi, bu kanallarla münasibətin düzgün qurulması baxımından da vacibdir. İş ondadır ki,  bəzən bu telekanallar vasitəsilə, kabel şəbəkəsi yayımı vasitəsilə  ölkəmizin maraqları nöqteyi-nəzərindən bir az narahatçılıq doğuran kanallar da rastımıza gəlir və bu gün də ara-sıra bunu müşahidə etməkdəyik. Müəyyən irqi ayrı-seçkilik yayan, müəyyən milli təfriqələr ortaya qoyan, insanlarda ruh düşkünlüyü  oyadan, müəyyən milli dəyərlərimizə kölgə salan, onlara çat salmaq gücündə olan ayrı-ayrı kanalların yayımlanmasına, təbii ki, qanun çərçivəsində təsir göstərmək, onları lazım olanda dayandırmaq mexanizmlərimiz olmalıdır. Düşünürəm ki, qanun layihəsində bütün bu maddələr kifayət qədər əhatəli şəkildə öz əksini tapır və Kabel şəbəkəsi yayımı haqqında qanunun qəbulundan sonra bu sahədə  daha konkret addımlar atılacaq. Qanuni təməllər daha yüksək səviyyədə təmin ediləcəkdir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Qanun layihəsinin birinci oxunuşudur. Xahiş edirəm, konseptual yanaşma olsun. Qüdrət Həsənquliyev buyursun.
Q.Həsənquliyev. Təşəkkür edirəm, cənab Sədr. İş vaxtının sonudur, hamı yorulub, çalışacağam çox qısa olaraq 1–2 vacib məsələyə toxunum. Birinci məsələ ondan ibarətdir ki, doğrudan da, belə bir qanunun qəbuluna ehtiyac var.  Azərbaycanda kabel televiziyaları vasitəsilə bizim qonşu ölkələrin televiziya kanalları yayımlanır. Elə Rusiyanın Bakıda 50-dən artıq  kanalı yayımlanır. Onların bir hissəsi musiqi və mədəniyyətlə bağlı olan kanallardır ki, bunların heç bir problemi ola bilməz. Amma digərlərindən bəzən Azərbaycana qarşı, deyəsən, bu sözü bayaq da işlətmişdim, zəhər tökülür. Ona görə də onların dayandırılması haqqında ciddi düşünülməlidir. Burada da qeyd olunur ki, yayımlanan kanallar müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmalıdır. Eyni zamanda, Azərbaycan ərazisində fəaliyyət göstərən bütün telekanalların, lisenziyası olan telekanalların, internet televiziyalarının da müqavilə ilə kabellə,  İP vasitəsilə yayımlanma imkanı olmalıdır. Əgər həmin yayımçı bundan imtina edirsə, əsaslandırılmış qərar verməlidir. Misal üçün, APA TV kifayət qədər internet televiziyasıdır, səviyyəli informasiya yayır. Buna yox deyilirsə, o halda bu artıq gedib məhkəmə qaydasında öz hüquqlarını müdafiə edə bilməlidir.
Bizdə  binaların üstünə özəl “boşqablar” deyilir, çanaqlar qoymağa icazə vermirlər. İnsanlar məcburdurlar ki, televiziyaları yayımçı kabel televiziya vasitəsilə  seçsinlər. Bu baxımdan bu son dərəcə önəmlidir. Bir də burada vacib məsələ ondan ibarətdir ki, televiziya yayımı dayandırılırsa, 24 saat ərzində onun bərpasından söhbət gedə bilər. Hesab edirəm, bu, indiki dövrdə informasiya texnologiyaları əsrində kifayət qədər böyük müddətdir. Əgər hansısa bir qüsur varsa, onu ən azından  8 saat ərzində, 6 saat ərzində aradan qaldırmaq barədə yayımçının üzərinə öhdəlik qoyulmalıdır. Yoxsa burada iki sutka kifayət qədər böyük müddətdir. Sağ olun.
Sədrlik edən. Sağ olun. Əflatun Amaşov.
Ə.Amaşov. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli deputatlar! Bu gün burada Kabel şəbəkəsi yayımı haqqında qanun layihəsini müzakirə edirik. Düşünürəm ki, bu sənəd günümüzün tələbidir. Zaman tələb edir ki, bu sahə ayrıca qanunla tənzimlənsin. Çünki kabel şəbəkələri televiziya və radio yayımı sistemində özlərinə kifayət qədər yer tuta biliblər. Hələ 2002-ci ildə “Televiziya və radio yayımı haqqında” Qanun qəbul edilərkən sənədin 30-cu maddəsində kabel şəbəkəsi ilə bağlı müddəa əksini tapmışdı. Orada göstərilirdi ki, kabel şəbəkəsi yayımı Azərbaycan Respublikasının qanunu ilə müvafiq dövlət orqanı tərəfindən tənzimlənir. Həmin vaxtdan xeyli müddət keçir. Bu gün Azərbaycanda 17 kabel televiziyası və 18 İP televiziya fəaliyyət göstərir.
Dünyada kabel televiziyalarının tənzimlənməsi ilə bağlı təcrübə mövcuddur. Müsbət haldır ki, qanun həmin təcrübəni ölkəmizə gətirir. Bu ilk növbədə yayımçının məsuliyyəti ilə bağlıdır. Yəni yayımçı proqram paketinə xarici kanalları daxil edərkən məsuliyyətli olmalıdır. Məsuliyyəti müəyyənləşdirən müvafiq icra hakimiyyəti orqanı isə konkret olaraq Milli Televiziya və Radio Şurasıdır. Belə də olmalıdır. Çünki bu sahə dövlət maraqlarımız baxımından son dərəcə vacibdir, ona ciddi şəkildə nəzarət olmalıdır.
Növbəti məqam kabel şəbəkələrinin yayımında xarici televiziyalarda yer alan reklam ilə əlaqədardır. Əslində, necə olmalıdır? Reklamlar dəyişdirilməlidirmi? Yoxsa olduğu kimi verilməlidir? Əksər ölkələrdə belə deyil. Qanunun müsbət tərəfi ondadır ki, sənəddə bu sayaq məqamlara aydınlıq gətirilir. Bu çox vacibdir. Əlbəttə, kabel yayımı ilə yayımlanan hansısa xarici kanalların reklamının yerinə öz reklamımızın yer alması daha yaxşıdır. Ancaq məsələ  hansı formada tənzimlənəcək? Hesab edirəm ki, gələcəkdə bu cəhətə də aydınlıq gətiriləcəkdir.
Daha bir məqamı diqqətə çatdırmaq istəyirəm. Qeyd etdiyim kimi, 15-dən çox kabel televiziya yayımçısı var. Onlar həm köhnə, həm də yeni tikililərdə sakinlərə xidmət göstərirlər. Əlbəttə, hansı kabel yayımçısını seçmək vətəndaşın səlahiyyətindədir. Təbii, vətəndaş çalışacaq ki, daha keyfiyyətli xidmət göstərən şirkəti seçsin. Müşahidələrimə görə, rəqəmsal yayımı  təmin edən kabel televiziyalarının xidmətindən daha çox istifadə edilir, nəinki analoq təklif edənlərdən. Bu öz yerində. Yayımçı vətəndaşa, əsasən, 3 paket təqdim edir, qiymət paketdəki kanalların sayına görə müəyyənləşdirilir. Qiyməti təxminən 9–10 manatdan 30–40 manata qədər olan paketlər var. Ola bilər ki, vətəndaşın, konkret olaraq istehlakçının istədiyi televiziya kanalları, məsələn, 10 manatlıq paketdə yoxdur. Mümkün deyil ki, heç 20 manatlıq və daha yuxarı məbləğdə olan paketlərdə də olmasın. Yaxud da, istehlakçının aldığı paketdə, ümumiyyətlə, tamaşa etmək istəmədiyi kanallar var. Düşünürəm ki, bu kimi məsələlərdə biz vətəndaşın seçiminə önəm verməliyik. Təbii, seçim də kabel şəbəkəsi yayımının imkanları daxilində olmalıdır. Yəni hansısa vətəndaş yayımçının təklif etdiyi paketlərdə yer alan bəzi kanalları istəməyə bilər. Ancaq hesab edirəm ki, paketin tərkibini müəyyənləşdirmək vətəndaşın ixtiyarında olmalıdır. Məsələn, 10 manatlıq paketə 70 kanal daxildirsə, vətəndaş  həmin 70 kanalı özü seçsin. Hesab edirəm ki, belə olduqda kabel xidməti göstərən qurumun məsuliyyəti  daha da artacaq. O istəyəcək ki, onun xidmətlərindəki bütün  televiziya kanalları baxımlı olsun. İndiki halda bəzən paketlərdə heç bir mənası olmayan televiziya kanalları təqdim edilir. Düşünürəm ki, bu məsələlər də tənzimlənməlidir. Deyəcəklərim bu qədər. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Jalə Əliyeva.
J.Əliyeva. Təşəkkür edirəm. Azərbaycanda kabel şəbəkəsi xeyli inkişaf edib və kabel televiziyasının əhatə dairəsi də genişlənib. Maddi-texniki bazası çox güclənib. Hazırda burada da qeyd edildi, ölkədə 15-dən artıq kabel şəbəkəsi fəaliyyət göstərir. Vətəndaşlar bu şəbəkələri onların göstərdikləri xidmət səviyyəsinə görə seçirlər. Buna görə də hər bir kabel şəbəkəsi daha yaxşı xidmət göstərməyə maraqlı olmalıdır. Dünya ölkələrində kabel şəbəkəsi yayımı ilə bağlı artıq müəyyən standartlar formalaşıb və Azərbaycanda da bu sahənin standartlara uyğun şəkildə fəaliyyət göstərməsi, eyni zamanda, kabel şəbəkəsi yayımının hüquqi, iqtisadi və təşkilati əsaslarının müəyyən edilməsi baxımından ayrıca bir qanunun olması vacib idi və düşünürəm ki, müzakirə etməkdə olduğumuz qanun layihəsi də elə bu baxımdan çox əhəmiyyətlidir. Bəzən bu qanuna mətbuat və cəmiyyət tərəfindən birmənalı yanaşmalar olmaya bilər və bunu  bu sahəyə müdaxilə kimi dəyərləndirənlər də var. Lakin düşünürəm ki, bu əsla belə deyil. Çünki burada birmənalı olaraq, belə deyək ki, təbliğatdan söhbət gedir. Kabel yayımı nəticə etibarilə müəyyən bir informasiyanın ötürülməsi deməkdir. Burada, əlbəttə ki, strateji məqamlar da nəzərə alınmalıdır.
Qanun layihəsi çox təmiz, səliqəli və anlaşılan bir dildə yazılıb. Konkret  sahəni və  məsələləri əhatə edir. Ona görə də həm konseptual baxımdan yanaşanda, həm də hər bir müddəa baxımından yanaşanda düşünürük ki, qəbul edilməsinə tam əsas vardır. Birmənalı olaraq qəbul edilə bilər. Bununla bərabər, bəzi fikirlərim, mülahizələrim də var. Bu da qanunda filtrasiya məsələlərinin nəzərdə tutulmasıdır. Xüsusilə 16 yaşına çatmamış təbəqənin tərbiyəsi, əxlaqı, sosial-psixoloji məqamları baxımından yayımlarda müəyyən məhdudiyyətlərin nəzərdə tutulması, yəqin ki, daha məqsədəuyğun olardı. Daha sonra, pornoqrafik kanalların, dini kanalların, Ermənistan kanallarının Azərbaycanda sərbəst yayımlanmasının qarşısının alınması üçün də  müəyyən addımlar atıla bilər, müddəalar nəzərdə tutula bilər. Eyni zamanda, bir daha o fikrə gəlirəm ki, bu qanunun qəbul edilməsi heç də kimin isə hüququnu pozmaq və ya məhdudlaşdırmaq demək deyil. Gəlin nəzərə alaq ki, biz XXI əsrdə yaşayırıq və  hər hansı bir vətəndaşın hər hansı bir xarici televiziya kanalına baxmaq imkanları istənilən qədərdir. İnsanlar axtardıqlarını internetdə, peyk antenalarında, başqa yollarla da  tapa bilirlər. Ona görə də birmənalı olaraq bu qanunun qəbul edilməsi, ümumilikdə, hər birimizin maraqları, ailələrimizdə böyüyən uşaqların gələcəyi baxımından  və dövlətin maraqları baxımından da çox əhəmiyyətlidir. Mən qanun layihəsinə birmənalı səs verəcəyəm və deputat həmkarlarımı da səs verməyə dəvət edirəm. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Mən də bir-iki kəlmə qeyd etmək istəyirəm. Bu televiziya kanalları, kabel televiziya kanalları istəsən də, istəməsən də hamının evindədir. Hamı məcburiyyət qarşısındadır ki, buna baxsın, izləsin, informasiya alsın. Televiziya informasiya alınması baxımından internet istifadəsi ilə yanaşı vacib olan kanallardan biridir. Amma mən hesab edirəm, qanunda müəyyən müddəaları biz kifayət qədər sərtləşdirməliyik.
Birincisi, vətəndaşlarımızın hər dəqiqə bu kabel televiziyası ilə bağlı  hüquqları pozulur. 5–6 adam oturub pul qazanır və belə deyək, vətəndaşların  əsəbləri ilə oynayır. Pis göstərir, yayım kəsilir, ancaq heç kim öhdəçilik daşımır. Müqavilədə kifayət qədər müddəa yazılır, lakin o müddəaların heç biri yerinə yetirilmir. Digər tərəfdən, tutalım ki, müddəada elə bir bənd var ki,  verdin məhkəməyə, deməli, cərimə olunacaq. Mən getməliyəm, iki ay  vaxtımı sərf eləməliyəm ki, bunu  haradasa bir 150 manat cərimə edəcəklər. Bu, heç nəqliyyata sərf elədiyim vəsait eləmir. Bu baxımdan orada cərimənin miqdarını elə həddə qoymaq lazımdır ki, həmin televiziya kanalında çalışan insanlar bilsinlər ki, əgər kimsə onları məhkəməyə verəcəksə, bu cərimənin altından çıxmaq çox çətin olacaq. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanun var. Hər bir istehlakçının hüququ müdafiə olunmalıdır. Mən hesab edirəm ki,  kabel televiziyalarında da bu məsələ ciddi şəkildə nəzərə alınmalıdır.
İkinci bir tərəfdən seçim imkanları bir-birinə oxşayır. Hamı, elə bil, bir rəngdədir. Deyə bilərsiniz ki, bazar iqtisadiyyatıdır, bundan xoşun gəlmir, o birini seç. Vətəndaşa seçim imkanı yaratmırlar. Vətəndaşın seçimi yoxdur, hamısı eyni cür görünür. Saat 12 oldu, pozulur, havada külək əsdi, pozulur, qar yağdı, pozulur. Yaxşı, bu vətəndaş nə etsin? Amma pulundan 1 manat kəsə bilməzsən. Kəsən kimi, yaxud da yarım saat gecikdirən kimi dərhal televiziya kanalı bağlanır. O baxımdan hesab edirəm ki, qanunda bu detalların hamısı, əgər biz bunu qəbul ediriksə, nəzərdə tutulmalıdır və birinci şərt vətəndaşların hüquqlarının qorunmasıdır. Digər məsələnin mənə aidiyyəti yoxdur.
Oqtay müəllim, mən hesab edirəm, biz buna qarşı ən sərt qanunları qəbul etməliyik. Mən televiziyadan danışıram. Çünki xaricdə 3 nəfər, 5 nəfər oturur, əlinə bir kamera alır və yoxlayırsan ki, bu adam heç Azərbaycanda yaşamır, ancaq bundan müsahibə alırlar ki, filan rayonda vəziyyət belədir. Biz dəfələrlə araşdırma aparmışıq ki, belə bir adam yoxdur. Bunu haradansa tapırlar, bundan müsahibə alırlar və onu da yerləşdirirlər ki, Azərbaycanda vəziyyət belədir. Yaxud da aprel döyüşləri ilə əlaqədar elə bir məsələ qoymuşdular ki,  canında azərbaycanlı qanı olan adam Azərbaycan ordusu və döyüşçüləri haqqında, silahlı qüvvələrimiz haqqında o cür sözlər deməzdi, amma bunlar dedilər. Çünki ermənidən 5 manat almışdılar, ona qulluq edirdilər. Ona görə də bunlar haqqında sərt şəkildə ölçü götürməliyik. Düzdür, Azərbaycanda  yayımlanmır, amma Gürcüstanda kifayət qədər azərbaycanlı yaşayır, orada yayımlanır. Başqa yerlərdə azərbaycanlılar yaşayırlar, onlara da yalan informasiya ötürülür və sair. Ona görə, mən hesab edirəm, bunların qarşısı alınmalıdır. O insanlara təsir göstərən informasiya mənbələrinə nəzarət olmalıdır. Təşəkkür edirəm.   
Sədrlik edən.  Sağ olun. İlham Əliyev.
İ.Əliyev. Təşəkkür edirəm, hörmətli Oqtay müəllim.  Əlbəttə ki, mən də bu qanunun qəbul olunmasına səs verəcəyəm, çünki çox ciddi bir qanundur. Bu qanun bugünkü İKT sahəsində, ümumiyyətlə, müasir həyatımızla bağlı bir qanundur. Məndən əvvəl danışan həmkarlarımın fikirləri ilə mən də razılaşıram ki, bu sahəni mütləq  ciddiləşdirmək  və nəzarətdə saxlamaq lazımdır. Çünki bu gün hörmətli Siyavuş müəllimin dediyi kimi, əgər kabel televiziyası Azərbaycanda yerləşirsə, Azərbaycan Televiziya və Radio Şurasından lisenziya alıb fəaliyyət göstərirsə, bu yaxşıdır. Çoxlu sayda internet televiziyaları var  ki, heç onların mənşəyi məlum deyil. Bu tamamilə doğrudur. Sadəcə,  burada bir maddəyə hamınızın fikrini yönəltmək istəyirəm.
13.4-cü maddədə deyilir ki, kabel şəbəkəsi vasitəsilə yayımlanan telekanallarda xarici reklamların yayımı qadağandır. Xarici reklamların yayımlanmasına görə yayımçı məsuliyyət daşıyır. Məsələ bundadır ki, bu gün kabel televiziyaları, kabel operatorları heç bir kanalı  yayımçıya  özbaşına ötürmür. Bunların hamısı ilə müqavilələr bağlanır və bu müqavilələr əsasında həmin o kanallar bizim respublikaya paket formasında verilir. Həmin o müqavilədə göstərilən əsas şərt də odur ki, o kanalın yayımı  zamanı həmin reklam silinməməlidir. Əgər sabah bu qanun qüvvəyə minəndən sonra bu bəndi həmin o yayımçılara yönəldəcəklərsə,  onda biz heç nəyə baxa bilməyəcəyik. Çünki birinci şərt budur. Mən bunu tam məsuliyyətimlə deyirəm. Mən kabel televiziyası ilə maraqlanmışam.
İkincisi, mən dəfələrlə demişəm, düzdür, Milli Məclisdə deməmişəm, amma fikrimi həmişə çatdırmışam ki, kabel operatorlarının gördüyü iş bu gün bizim gözəl şəhərimizin, respublikamızın zahiri görünüşünə böyük xeyir verir. Yəni o  çanaqları ki kobud bir formada biri dama,  biri öz balkonuna, biri pəncərəsinə, biri divarına quraşdırırdı, bunların hamısı yığışdırılmalıdır. Kabel televiziyası bu gün sürətlə  inkişaf edir. Əgər inkişaf etməsəydi, onun haqqında qanun  qəbul etməzdik. Şükürlər olsun ki, qanun da gəlib çatdı. Mən hesab edirəm ki, bu da nəzərə alınmalıdır. Çünki həmin o kiçik  kanal paketinin bu gün respublikada qiyməti 10 manatdır. Yəni operatorlara 10 manata başa gələn qiymətə verilən kanallardır. Əgər orada dursaq,  seyr edənin seçiminə baxsaq, o elə bir kanal istəyəcək ki, 10 manatlıq olmayacaq. Ona görə də fərqli-fərqli paketlər var. Sıravi paket 10 manatdır. Ondan sonra gəlir 15 manatlıq, 25 manatlıq, 45 manatlıq, 47 manata qədər gedib çatır. Bunlar o kabel operatorunun başqa şirkətlərlə müqaviləsindən irəli gələn qiymətlərdir. Müqavilə hansı qiymətə bağlanırsa, o qiymətdən irəli gələn təkliflərdir. Mən məmnuniyyətlə bu qanuna səs verəcəyəm və deputat həmkarlarımı da səs verməyə səsləyirəm. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Rafael müəllim, ikinci oxunuşa qalsın, ya indi cavab vermək istəyirsən?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Bu konseptualdır, birinci oxunuşdur.
R.Hüseynov. Sadəcə, mən təşəkkür edirəm. Əslində, prinsip etibarilə biz elə ikinci oxunuşda da qəbul edə bilərdik. Çünki bu qanun layihəsi hazırlanarkən əvvəldə də qeyd etdim, Böyük Britaniyadan, Amerika Birləşmiş Ştatlarından tutmuş Rusiyaya qədər ən müxtəlif ölkələrin müvafiq qanunlarının təcrübəsindən istifadə etmişik. Digər tərəfdən, bu qanun layihəsi ən müxtəlif instansiyalarda,  əlaqədar qurumlarda müzakirə olunub, rəy alınıb və onların hamısının fikri müsbətdir. Ona görə düşünürəm ki, bu gün söylənən qeydlər də, əlbəttə, əhəmiyyətlidir. Amma əsas ondan ibarətdir ki, bu qanun ortada olsun. Çünki ciddi bir boşluq var. Gələcəkdə bu qanunun hansısa maddələrinin şərtlərini sərtləşdirmək, hansısa məsuliyyət dərəcələrini artırmaq olar. Ən mühüm olanı odur ki, bu gün bu qanun hüquqi mexanizmləri müəyyənləşdirir. Ona görə də düşünürəm ki, indiki halda biz onu ikinci oxunuşda da qəbul edə bilərik.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Mikrofon verin.
İ.Əliyev. Mən hörmətli Rafael müəllimə bir sual vermək istəyirəm. Bu gün  Azərbaycanda 3 əsas kabel operatoru var. Bunların adlarını da çəkə bilərəm. Bu, BBTV-dir, KATV-dir,  AiləTV-dir. Mən istəyirəm, Rafael müəllim bizə bir cavab versin ki,  qanunu hazırlayanda bu kabel operatorlarından hansı ilə məsləhətləşmələr aparıblar, onların mütəxəssislərini dəvət ediblər, onların bugünkü durumu, bugünkü fəaliyyəti haqqında məlumat alıblar? Təşəkkür edirəm.
Sədrlik edən. Bu gün birinci oxunuşdur, ikinci oxunuşa gələn iclasda baxarıq. Rafael Hüseynova mikrofon verin. 
R.Hüseynov. Qanun layihəsi hazırlanarkən kabel şəbəkəsi sahəsində olan bütün mövcud vəziyyət diqqətlə öyrənilib. Həmin sahələrin aparıcı televiziyaları, AiləTV-nin və digərlərinin  texniki sahəyə cavabdeh mütəxəssisləri ilə də məsləhətləşmələr aparılıb. İlham müəllimin bayaq toxunduğu reklam məsələsi ilə əlaqədar da fikrimi bildirmək istəyirəm. Çünki bu məsələ ilə bağlı biz çox ciddi müzakirələr aparmışıq və burada fikir müxtəliflikləri olub. Bəziləri  reklamın verilişində məhdudiyyətin aradan götürülməsini söyləyiblər. Çünki Azərbaycan maraqlıdır ki, o telekanallar vətəndaşımıza çatsın. Lakin digər tərəfdən o reklamların vasitəsilə bizə arzu etmədiyimiz müəyyən təxribat səciyyəli, milli-mənəvi dəyərlərə zidd olan hansısa amillərin siraət etməsi ehtimalları da var. Ona görə də artıq o yayımçılarla abunəçi arasında, eləcə də yayımçıya lisenziya verən qurum arasında münasibətlər müəyyənləşdiyinə görə, həmin o yayımçılar da retranslyasiya etdikləri kanallarla bağlı müvafiq müqavilələr imzalaya bilərlər. Həmin müvafiq müqavilələrdə də reklamın nə səviyyədə verilməsi, yaxud verilməməsi məsələsi əksini tapacaqdır. Bir daha təkrarlayıram ki, ən müxtəlif kabel şəbəkəsi yayımı təmsilçiləri ilə kifayət qədər müzakirələr aparılıb.
Sədrlik edən. Xahiş edirəm, birinci oxunuşa münasibət bildirək. 

Səsvermənin nəticələri (saat 15.07 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. Bugünkü iclasımız sona çatdı.

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi