2017-ci il 25 aprel tarixli iclasın stenoqramı

BEŞİNCİ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
VI SESSİYASI İCLASININ

PROTOKOLU № 40

Milli Məclisin iclas salonu.
25 aprel 2017-ci il.

İclasa Azərbaycan Respublikası Milli Məclisinin
Sədri  O.Əsədov  sədrlik etmişdir.

İclasda Milli Məclisin 105 deputatı iştirak etmişdir.

Qeydiyyat (saat 12.06 dəq.)
İştirak edir 96
Yetərsay 83

İclasa dəvət olunmuşlar:

Əziz Seyidov, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimliyinə namizəd.

* * *

Rəşad Orucov, Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru.
Rəna Məlikova, Azərbaycan Respublikası Mərkəzi Bankı Hüquq Departamentinin direktoru.

* * *

İlqar Muradov, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası Publik Hüquqi Şəxsinin Direktorlar Şurası sədrinin müavini.
Nurlan Babayev, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası Publik Hüquqi Şəxsinin idarə rəisi.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
2. Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
3. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
4. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
5. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
6. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
7. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
8. “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının  2015-ci il 29 may tarixli 1295-IVQD nömrəli Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
9. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
10. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 960-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
11. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
12. Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
13. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
14. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
16. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
17.  Ə.C.Seyidovun Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında.
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
19. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
20. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
22. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
23. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
24. Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
25. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
26. Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
27. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
28. “Azərbaycan Respublikasının  Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
29. “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
30. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
31. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
32. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
33. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
34. “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
35. “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
36. Daşınar əmlakın yüklülüyü haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Aşağıdakı məsələlər müzakirə edilmişdir:

Gündəlik haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.07 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

1. “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.09 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

2. Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Hadi Rəcəbli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.11 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

3. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.12 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

4. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.14 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 100
Nəticə: Qəbul edildi

5. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.16 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 103
Nəticə: Qəbul edildi

6. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.17 dəq.)
Lehinə 105
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 105
Nəticə: Qəbul edildi

7. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli, Elmira Axundova

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.23 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 103
Nəticə: Qəbul edildi

8. “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının   2015-ci il 29 may tarixli 1295-IVQD nömrəli Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.24 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 103
Nəticə: Qəbul edildi

9. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.25 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

10. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 960-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli, Elmira Axundova

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.30 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

11. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.32 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

12. Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli, Asim Mollazadə, Hadi Rəcəbli, Əflatun Amaşov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.38 dəq.)
Lehinə 93
Əleyhinə 2
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 96
Nəticə: Qəbul edildi

13. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.42 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

14. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.42 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.43 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 91
Nəticə: Qəbul edildi

16. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.43 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 97
Nəticə: Qəbul edildi

17. Əziz Cəfər oğlu Seyidovun Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.46 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.48 dəq.)
Lehinə 86
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 87
Nəticə: Qəbul edildi

19. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.48 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 94
Nəticə: Qəbul edildi

20. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Oqtay Əsədov, Ziyad Səmədzadə, Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.50 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 88
Nəticə: Qəbul edildi

21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.52 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 88
Nəticə: Qəbul edildi

22. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Ziyad Səmədzadə, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.55 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

23. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.55 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 90
Nəticə: Qəbul edildi

24. Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli  930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.56 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

25. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.56 dəq.)
Lehinə 87
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 87
Nəticə: Qəbul edildi

26. Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.57 dəq.)
Lehinə 86
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 87
Nəticə: Qəbul edildi

27. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.59 dəq.)
Lehinə 87
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 87
Nəticə: Qəbul edildi

28. “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.01 dəq.)
Lehinə 85
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 86
Nəticə: Qəbul edildi

29. “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyafət Əsgərov, Ziyad Səmədzadə, Qüdrət Həsənquliyev, Elmira Axundova, Vahid Əhmədov, Siyavuş Novruzov, Əli Məsimli, Zahid Oruc, Yevda Abramov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.46 dəq.)
Lehinə 90
Əleyhinə 3
Bitərəf 1
Səs vermədi 1
İştirak edir 95
Nəticə: Qəbul edildi

30. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.47 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 90
Nəticə: Qəbul edildi

31. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.47 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 89
Nəticə: Qəbul edildi

32. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.49 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 90
Nəticə: Qəbul edildi

33. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əhliman Əmiraslanov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.51 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 90
Nəticə: Qəbul edildi

34. “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əhliman Əmiraslanov, Qənirə Paşayeva, Fuad Muradov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.01 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 92
Nəticə: Qəbul edildi

35. “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.02 dəq.)
Lehinə 85
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 85
Nəticə: Qəbul edildi

36. Daşınar əmlakın yüklülüyü haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə


Təklif: Layihə birinci oxunuşda qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.11 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

 

Azərbaycan Respublikası
Milli Məclisinin Sədri 
O.ƏSƏDOV


 
MİLLİ MƏCLİSİN İCLASI

25 aprel  2017-ci il. Saat 12.

Azərbaycan Respublikası  Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.

Qeydiyyat (saat 12.06 dəq.)
İştirak edir 96
Yetərsay 83

Çox sağ olun, yetərsay var. Gündəliyi təsdiq eləməzdən qabaq nəzərinizə çatdırım ki, gündəliyin 17-ci məsələsi qanunvericilik təşəbbüsü ilə çıxış eləyən təşkilat tərəfindən müvəqqəti olaraq geri çağrılıb. Mən təklif edirəm ki, bu məsələnin yerinə cənab Prezident tərəfindən Seyidov Əzizin Ali Məhkəməyə üzv təyin olunmasına baxaq. Etiraz edən yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda, xahiş edirəm, bu dəyişiklik ilə gündəliyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.07 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

Çox sağ olun, gündəlik təsdiq edildi.
Bildiyiniz kimi, bu gün gündəlikdə 36 məsələ var, işimiz çoxdur. Əgər müzakirələrə ehtiyac yoxdursa, keçək gündəliyə.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Çox sağ olun. Keçirik gündəliyin birinci məsələsinə. “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında” Sazişin təsdiq edilməsi barədə buyursun Ziyafət Əsgərov.
Z.Əsgərov, Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri.
Çox sağ olun, hörmətli cənab Sədr. Hörmətli deputatlar, bildiyiniz kimi, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında” Saziş 2016-cı il dekabr ayının 29 və 30-da Ankarada və Bakıda imzalanmışdır. Bu sazişin layihəsi sizə paylanıb. Burada sazişin mahiyyəti, əhatə dairəsi, tərəflərin məsuliyyəti və digər məsələlər öz əksini tapdığı üçün mən təfərrüata varmaq istəmirəm. Saziş 5 il müddətinə bağlanır və mən xahiş edirəm, bu sazişə müsbət münasibət bildirəsiniz. Sağ olun.
Sədrlik edən. Sağ olun. Əgər başqa təklif yoxdursa, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.09 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. 
Gündəliyin 2-ci, 3-cü və 4-cü məsələləri bir zərf ilə daxil olub. Gündəliyin 2-ci məsələsi Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsidir. Buyursun Hadi Rəcəbli.
H.Rəcəbli, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri.
Minnətdaram, Oqtay müəllim. Əmək Məcəlləsinin 2 maddəsinə dəyişiklik edilir. Birinci dəyişiklik “İşçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləri” adlı 65-ci maddədədir. İkinci düzəliş İntizam tənbehinin verilməsi qaydaları haqqında olan 187-ci maddədədir. Bizim əvvəllər qəbul etdiyimiz “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunda qoyulan bəzi məsələlər burada da öz əksini tapıb. Yəni hüquqpozmalarla bağlı məlumat verən işçinin müqəddəratı həll olunarkən buna daha ciddi yanaşılmalıdır və bu məsələlərin həllində attestasiya komissiyasında müvafiq vəzifəli şəxs və digər məsul şəxslər iştirak etməlidirlər. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müddəalar, düşünürəm ki, əhəmiyyətli müddəalardır. Bunlara səs vermək olar.
Sədrlik edən. Çox sağ olun. Başqa təklif yoxdursa, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.11 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
3-cü məsələ “Vətəndaşların müraciətləri haqqında” Qanunda dəyişiklik edilməsi barədədir. Buyursun Ziyafət Əsgərov.
Z.Əsgərov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli deputatlar! Bilirsiniz ki, 2016-cı il oktyabr ayının 14-də biz “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanuna əlavə və dəyişikliklər elədik. Həmin dəyişikliklərə müvafiq olaraq bu gün “Vətəndaşların müraciətləri haqqında” Qanuna da dəyişiklik edilir. Bu dəyişikliyin əsas məqsədi korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi məqsədi daşıyır. Belə ki, 9.2.-1 maddədə göstərilir ki, barəsində məlumat verilən şəxsə, həmçinin araşdırmanın nəticəsində birbaşa və ya dolayısı ilə maraqlı olan şəxslərə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatın araşdırılması həvalə edilə bilməz. Bu da korrupsiya barədə məlumat verən şəxsin dövlət tərəfindən qorunması, konfidensiallığın saxlanması məqsədi ilə edilir ki, bu məlumatı verən şəxs sonradan təqib edilməsin. Barəsində şikayət verilən şəxsə sonradan korrupsiya ilə əlaqədar şikayətin göndərilməsində, doğrudan, heç bir məntiq yoxdur. Buna görə, xahiş edirəm, bu dəyişikliyə müsbət münasibət bildirəsiniz. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, başqa təklif yoxdursa, münasibət bildirin.

Səsvermənin nəticələri (saat 12.12 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Nəhayət, 4-cü məsələ İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi barədədir. Buyursun Əli Hüseynli.
Ə.Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri. 
Çox sağ olun, hörmətli cənab Sədr. Artıq öncəki məruzəçilərin fikirlərindən irəli gələrək korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsin dövlət müdafiəsi məsələsinin İnzibati Xətalar Məcəlləsində həlli təklif olunmuşdur. Belə ki, dövlət müdafiəsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına görə cərimə formasında məsuliyyət nəzərdə tutulur. Qısaca demək istəyirəm ki, məsuliyyət 2 halda tətbiq olunacaq. Birincisi, konfidensiallıq pozularsa. Çünki məlumatı verən şəxsin konfidensiallığı qorunub saxlanmalıdır. Bu, qanunun tələbidir.
İkincisi, ona qarşı hər hansı bir təzyiq olarsa. Bu iki hala yol verilərsə, onda cərimə sanksiyası tətbiq olunacaq. Amma eyni zamanda, bu məlumatlar cinayət xarakteri daşıyarsa, qeyddə göstərilib, artıq o, cinayət işinin başlanmasına gətirib çıxara bilər. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.14 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 100
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. 
5-ci məsələ “Dövlət qulluğu haqqında” Qanunda dəyişikliklər edilməsi barədədir. Buyursun Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli həmkarlar! Bildiyiniz kimi, keçən il Konstitusiyaya edilmiş dəyişikliklərə uyğun olaraq Birinci vitse-prezident vəzifəsi təsis olundu. Bizim həmkarımız hörmətli xanım Mehriban Əliyeva ölkənin Birinci vitse-prezidenti təyin edildi. Təbii ki, Birinci vitse-prezidentin  xidmətində olan dövlət qulluqçularının statusunun və təminatının həlli məsələsi “Dövlət qulluğu haqqında” Qanunla bağlıdır. Məhz bu baxımdan cənab Prezident tərəfindən bu qanuna əlavələr edilməsi ilə bağlı təklif daxil olub.
Qeyd edə bilərəm ki, inzibati vəzifələrin ali təsnifatında Birinci vitse-prezidentin fəaliyyətini bilavasitə təmin edən struktur bölməsi rəhbəri və müşavir vəzifələri, inzibati vəzifələrin birinci təsnifatında isə Birinci vitse-prezidentin fəaliyyətini təmin edən struktur bölməsi rəhbərinin müavini və Birinci vitse-prezidentin köməkçisi vəzifələri nəzərdə tutulub. Hesab edirəm ki, bu dəyişikliklər məqsədəmüvafiqdir. Çünki Birinci vitse-prezidentin Konstitusiyaya uyğun olaraq rolu və yeri dövlət idarəetməsində ona xidmət edən dövlət qulluqçularının da məhz bu təsnifatda verilməsini özündə ehtiva edir. Millət vəkillərindən səs vermələrini xahiş edirəm.
Sədrlik edən. Əgər başqa təklif yoxdursa, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.16 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 103
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
“Məhkəmələr və hakimlər haqqında” Qanunda  dəyişiklik edilməsi barədə buyursun Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli həmkarlar, bu qanun layihəsi qanunvericiliyə uyğunlaşdırılma məqsədi ilə irəli sürülmüşdür. Belə ki, “Məhkəmələr və hakimlər haqqında” Qanunun 93-1-ci maddəsində Məhkəmə-Hüquq Şurasının hakimlərin və məhkəmə sisteminin müstəqilliyinin təmin edilməsi kimi vəzifələri qeyd olunmuşdur. Məhz buna görə də “Məhkəmə-Hüquq Şurası haqqında” Qanunda da “hakimlər” sözünün “hakimlərin və məhkəmə sisteminin” sözləri ilə əvəz olunması təklif olunur. Bu, uyğunlaşdırma məqsədi daşıyır. Səs verilməsini xahiş edirəm.
Sədrlik edən. Əgər başqa təklif yoxdursa, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.17 dəq.)
Lehinə 105
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 105
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
7-ci məsələ “Yol hərəkəti haqqında” Qanunda dəyişikliklər edilməsi barədədir. Buyursun Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli həmkarlar, bilirsiniz ki, “Yol hərəkəti haqqında” Qanuna zamanında bir sıra dəyişikliklər etmişik. Bunların bir hissəsi texniki baxışdan keçirilmə ilə bağlı məsələlər olub. Zaman-zaman bu qanun təkmilləşmişdi və texniki baxışdan keçidin müddəti ilə bağlı qanuna mütərəqqi dəyişikliklər edilmişdi. İndi təklif olunan əlavə və dəyişikliklər də həyata keçirilmiş işlərin davamıdır.
Mövcud təklifə əsasən qanunun 27-ci maddəsinin ikinci hissəsinin 2-5-ci bəndlərində və üçüncü hissəsində nəzərdə tutulmuş nəqliyyat vasitələri, həmçinin avtobuslar, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtonəqliyyat vasitələrinin istehsal olunduğu vaxtdan bir il müddətində texniki baxışdan keçirilməməsi nəzərdə tutulur. Eyni zamanda, bu qanuna əsasən istehsal olunduqları vaxtdan 4 il keçdikdə 2 ildə bir dəfə, istehsal olunduqları vaxtdan 10 il keçdikdə ildə bir dəfə texniki baxışın keçirilməsi nəzərdə tutulur. Bilirsiniz ki, zamanında bu məsələ ilə bağlı bəzi narazılıqlar da meydana çıxmışdı. Hesab edirəm ki, texniki baxışa bu formada yanaşılması, – faktiki olaraq yeni avtomobilin texniki baxışa ehtiyacı yoxdur, – müəyyən bir müddətdən sonra təklif olunur. Həmin sahədə, hesab edirəm ki, bu, mütərəqqi bir layihədir və səs verilməsini xahiş edirəm.
Sədrlik edən. Buyursun Elmira Axundova.
E.Axundova. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! “Yol hərəkəti haqqında” Qanuna təklif edilən dəyişiklikləri mən də müsbət qiymətləndirirəm. Ən azı ona görə ki, mexaniki nəqliyyat vasitələri və onların qoşqularının texniki baxışı qaydaları təkmilləşdirilir. Hesab edirəm ki, mexaniki, xüsusən köhnəlmiş modellərin texniki baxışı bundan da sərt və ciddi olmalıdır. Hazırda biz bunu təəssüflər olsun ki, görmürük, yollarımızda külli miqdarda köhnə rus modelləri mövcuddur. Mən, əsasən, 01, 02 model “jiquli”ləri, 1960-cı illərdə istehsal olunan köhnə “moskviç” və “volqa” modellərini nəzərdə tuturam. Mən hərdən hər tərəfi çürük, işıqları yanmayan, arxa işıqları olmayan, qara tüstü buraxan maşın görəndə, düzü, başa düşə bilmirəm ki, belə maşın texniki baxışdan necə keçə bilib və ya ümumiyyətlə keçibmi? Əgər keçməyibsə, onların bizim yollarda nə işi var? Axı onlar bir tərəfdən ekologiyamıza ciddi ziyan vururlar, ikinci tərəfdən yollarda daima qəza vəziyyəti yaradırlar. Belə maşınları əhali nahaq yerə “смерть на колёсах” adlandırmayıb. Az qala hər gün yollarda baş verən ölüm xəbərlərini eşidirik. Elə bu günlərdə Zığ yolunda dəhşətli qəza nəticəsində 3 nəfər cavan oğlan 07 modelli “jiquli”də yanaraq külə döndü.
Mən rayondan seçilən deputat kimi tam əminliklə deyə bilərəm ki, ölümlə nəticələnən qəzaların əksəriyyəti məhz bu markalı köhnə maşınlarla törədilir. Əbəs yerə deyildi ki, bir neçə gün əvvəl Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Qafar Seyidov demişdi, 2017-ci ilin birinci rübünün nəticələrinə görə paytaxt ərazisində baş vermiş 140 yol-nəqliyyat hadisəsində 44 nəfər ölüb, 134 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıbdır. Yəni həlak olanların sayı əhəmiyyətli dərəcədə artıb.
Mən bir neçə il əvvəl təklif etmişdim ki, biz də Rusiya və başqa dövlətlərin təcrübəsindən bəhrələnək. Bütün köhnəlmiş, əsasən, rus modelindən olan nəqliyyat vasitələrini küçələrdən yığışdıraq və dövlət orqanları vətəndaşlara bunun müqabilində müəyyən məbləğdə vəsait və ya xüsusi çek versinlər. Bu çeklərlə onlar ilkin ödəniş etməklə güzəştli şərtlərlə başqa maşın ala bilsinlər. Məsələn, Gəncə, ya da Naxçıvan avtomobil zavodlarının istehsalı. Hələ ki bu təcrübə tətbiq olunmayıb, xahiş edirəm, dövlət yol polisinə səlahiyyət verilsin ki, belə maşınları, hətta mühərriki, sürət qutusu və sairi sağlam olsa belə onların xarici görünüşü tam sıradan çıxdığına, sərnişin və piyadalara ciddi təhlükə törətdiyinə görə texniki baxışdan keçirməsinlər. Köhnəlmiş modellər ilə bağlı problem həll olunmadığı müddətdə bizim yollarda bu qətliam baş verməkdə davam edəcək. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Əgər başqa təklif yoxdursa, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.23 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 103
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti 8-ci məsələ Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi barədədir. Buyursun Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli həmkarlar, bilirsiniz ki, bir müddət əvvəl biz yeni nəsil şəxsiyyət vəsiqələrinin tətbiqi ilə əlaqədar layihənin 2018-ci il yanvar ayının 1-dən qüvvəyə minməsi ilə bağlı qanun qəbul elədik. Buna görə Miqrasiya Məcəlləsinin də onunla bağlı olan hissəsinin, yəni xarici dövlətlərlə müvafiq beynəlxalq müqavilə bağlanmış olduğu halda Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə gediş və gəlişinin mümkünlüyü ilə bağlı müddəanın da qüvvəyə minməsi 2018-ci il yanvar ayının 1-dən təklif olunur. Ümidvaram ki, bununla bağlı bütün təşkilati məsələlər həmin dövrə qədər həllini tapacaq. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Əgər başqa təklif yoxdursa, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.24 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 103
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
9-cu məsələ “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Qanunda dəyişiklik edilməsi barədədir. Buyursun Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli həmkarlar, ədliyyə orqanlarının  bildiyiniz kimi, yerlərdə regional şöbələri mövcuddur. Amma bir müddət öncə cənab Prezidentin fərmanı ilə ədliyyə orqanlarında islahatların həyata keçirilməsi ilə bağlı yerlərdə digər qurumların da yaradılması nəzərdə tutulub. Məhz buna görə də “regional ədliyyə şöbələri” sözlərinin “regional, yerli və digər qurumlar” sözləri ilə əvəz olunması nəzərdə tutulur ki, bu artıq reallığa daha uyğundur.  Səs verməyinizi xahiş edirəm.
Sədrlik edən. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.25 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti 10-cu məsələ Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarında dəyişikliklər edilməsi haqqında qanun layihəsidir. Buyurun, Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun. Cənab Sədr, Siz qanun layihəsinin geniş adını qeyd elədiniz. Mən yenidən səsləndirmək istəmirəm. Burada həm dövriyyəsi qadağan olunan, həm də məhdudlaşdırılan narkotik vasitələrin və psixotrop maddələrin siyahısı verilib. Arayış da var və hörmətli millət vəkillərinə təqdim olunub. Məsələ burasındadır ki, BMT-nin Narkotiklər üzrə Komissiyası keçən il iclas keçirmiş və bütün üzv ölkələrə yeni növ iki narkotik maddənin və dörd psixotrop maddənin bu siyahılara əlavə olunması ilə bağlı məlumat vermişdir. Yəni faktiki olaraq biz mövcud siyahıya BMT-nin Narkotiklər üzrə Komissiyasının tövsiyələrini əlavə edirik. Onlar xüsusi qara şriftlə göstərilib. Düzdür, bu, daha çox ola bilər ki, mütəxəssis fikri tələb edir, amma bu qanuna dəyişikliklər etməyimiz birbaşa həmin o komissiyanın tövsiyəsindən irəli gəlir.
Sədrlik edən. Sağ olun. Elmira Axundova.
E.Axundova. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Azərbaycan Respublikasının ərazisində qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin mövcud siyahıları ilə əlaqədar bir vacib fikrimi sizinlə bölüşmək istəyirəm. Biz həmin siyahıları təsdiq etdikdən sonra bu sahədə mühüm dərəcədə nizam-intizam yarandı, bunu qeyd eləmək lazımdır. Lakin xəstəliyinə uyğun olaraq bəzi psixotrop maddələrə ehtiyacı olan sıravi vətəndaşlar üçün çox ciddi problemlər yaranır. Bununla bağlı seçicilərim mənə dəfələrlə müraciət edərək, hətta həkim resepti olanda da bu və ya digər dərmanları ala bilmədiklərindən şikayət edirlər.
Bildiyimə görə, hazırda Azərbaycanda iyirmidən çox tibbi təşkilat və müəssisəyə xəstələrin belə psixotrop maddələrlə müalicəsinə icazə verilir. Lakin problem orasındadır ki, bu xəstələr tibb  ocağından çıxdıqdan sonra da psixotrop maddələrlə təmin olunmalıdırlar və onları özləri almalıdırlar. Xəstələrin yaxınları isə bu preparatları, xüsusən rayon yerlərində apteklərdən əldə edə bilmirlər. Çünki Bakının özündə belə xüsusi lisenziya almış və psixotrop maddələrin satışı ilə məşğul ola bilən apteklərin sayı çox məhduddur.  Bildiyimə görə, bir neçə dənədir. Bir sıra apteklər müvafiq qurumlara xüsusi icazə üçün müraciət etsələr də, bir neçə aydır ki, icazə ala bilmirlər.
Statistik məlumata görə respublikada ancaq psixi xəstəliklərdən əziyyət çəkənlərin sayı 96 mindən çoxdur, 100 minə yaxındır. Mən hələ yüksək ağrıkəsici vasitələrə ehtiyac duyan digər xəstələri demirəm, məsələn, bədxassəli şişi olan insanlar. Belə olan halda prixotrop maddələrin satışına icazənin cəmi bir neçə aptekə verilməsi əhali üçün böyük çətinliklər yaradır, heç də hamının bu dərman üçün Bakıya gəlməyə maddi imkanı yoxdur, yerlərdə isə onları incidirlər. Ona görə əhalinin çoxsaylı müraciətlərini nəzərə alaraq hesab edirəm ki, heç olmasa, hər regionda bir aptekə bu cür lisenziya verməklə psixi xəstəliklərdən və müxtəlif ağrılardan əziyyət çəkən vətəndaşlara kömək etmiş olardıq. Müvafiq qurumlardan, ilk növbədə Səhiyyə Nazirliyindən, Daxili İşlər Nazirliyindən və Baş Narkotiklərlə Mübarizə İdarəsindən çox xahiş edirəm ki, bu məsələyə əlaqəli şəkildə yanaşsınlar. Müraciət edən apteklərə xüsusi lisenziyaların verilməsi prosesini sadələşdirsinlər, sürətləndirsinlər və bu sahədə mövcud olan bürokratik əngəlləri aradan qaldırsınlar. Xüsusən də cənab Prezidentimiz öz çıxışında dəfələrlə lisenziya və digər biznes sənədlərinin sadələşdirilməsini müvafiq qurumlar qarşısında vəzifə kimi qoyub. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Başqa fikir yoxdursa, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.30 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
11-ci məsələ Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarında dəyişikliklər edilməsi haqqındadır. Buyurun, Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli millət vəkilləri, bu layihə öncə səs verdiyimiz layihənin məntiqi davamıdır. Çünki birincidə biz narkotik maddələrin və psixotrop maddələrin arayışa əlavəsinə səs verdik. Bu qanunda isə həmin maddələrin külli miqdarının təsnifatı göstərilir. Külli miqdar isə artıq cinayət məsuliyyətinin yaranmasına səbəb olur. Sizə təqdim olunmuş arayışda da həmin o siyahıya daxil edilmiş yeni narkotik və psixotrop maddələrin külli miqdarı milliqramla göstərilmişdir. Səs vermənizi xahiş edirəm.
Sədrlik edən. Başqa təklif yoxdursa, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.32 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti 12-ci məsələ Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişikliklər edilməsi haqqındadır. Buyurun, Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli həmkarlar, bunlar kiçik, amma əhəmiyyətli dəyişikliklərdir. Bu dəyişikliklərə əsasən mehmanxana, mehmanxana tipli obyektlər və müvəqqəti yaşayış üçün nəzərdə tutulan digər tikinti obyektləri “yerləşmə vasitələri” adlandırılır və statusuna görə yaşayış sahəsi hesab edilirlər. Nəticədə özəl mənzil fonduna aid çoxmənzilli yaşayış sahələrinin və yaşayış evlərinin mülkiyyətçi tərəfindən yerləşmə vasitəsi kimi istifadəsi üçün heç bir prosedur qaydası (yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi) tələb olunmayacaqdır, çünki bu, xüsusi bir prosedurdur, həm vaxt, həm də sənədləşmə tələb edir. Belə bir prosedur qayda artıq tələb olunmayacaq. Hesab edirəm ki, ölkədə turizmin inkişafı, ümumiyyətlə, iqtisadi inkişafla bağlı kiçik, amma çox əhəmiyyətli dəyişikliklərdir. Səs verilməsini xahiş edirəm.
Sədrlik edən. Çox sağ olun.  Asim Mollazadə, buyurun.
A.Mollazadə. Çox sağ olun. Hörmətli millət vəkilləri, təklif olunan variant, əslində, dünya təcrübəsinə zidd olan bir addımdır. Mən bir şeyi xatırlatmaq istərdim ki, yaşayış sahəsində mehmanxanaların, hostellərin yerləşdirilməsi vətəndaşların istirahət hüququnu poza bilər. Dünya təcrübəsi onu göstərir ki, şirkətlər tərəfindən yaşayış sahəsinə yerləşdirilən mehmanxanalar və ona bənzər hansısa qurumlar dünyada qadağandır. Çünki insanların öz yaşayış sahəsində sakit, sabit yaşamaq hüququ var, biz isə bu hüququ kobud surətdə pozmaq üçün imkan yaradırıq. Siz bilirsiniz ki, mehmanxanalarla, hostellərlə, yaxud da ki gənclər üçün yaradılan kamplarla ailələrin yaşadığı mənzillərin bir ərazidə yerləşməsi  vətəndaşların hüquqlarını kobud surətdə pozur. Ona görə, mənə elə gəlir ki, bu düzəliş, əslində, bizim vətəndaşlarımızın şəxsi mühitinə bir növ müdaxilə imkanı yaradır. Onun üçün mən bu düzəlişin əleyhinəyəm və mənə elə gəlir ki, belə bir düzəlişlə biz vətəndaşların hüquqlarını pozuruq. Çox sağ olun. 
Sədrlik edən. Hadi Rəcəbli.
H.Rəcəbli. Minnətdaram, Oqtay müəllim. Bildiyiniz kimi, Milli Məclisdə artıq il yarımdır ki, Turizm haqqında qanun layihəsinin üzərində iş gedir və dünya təcrübəsi öyrənilir. Biz dünyanın on qanununu tərcümə etdirib onun üzərində işləyirik. Asim müəllim dünya təcrübəsi olan deputat həmkarlarımızdandır, mən çox təəssüf edirəm ki, onun fikirləri zidd fikirlərdir, tamamilə bugünkü tələblərə cavab verməyən fikirlərdir. Biz hamımız yaxşı bilirik ki, Avropada ayrıca mənzillərin, evlərin turizm obyekti kimi istifadə olunması var. Bu qanun layihəsi Azərbaycanda turizmin inkişafına yaxından kömək eləyən bir layihədir. Düşünürəm ki, deputat həmkarlarım bunu elə də qəbul edirlər və böyük məmnuniyyətlə bu layihəyə səs verəcəklər. Biz bununla bürokratiyanın qarşısını alacağıq. Bu layihə Azərbaycanda turizmin inkişafına çox böyük kömək edəcək. Ona görə, xahiş edirəm, deputat həmkarlarım buna səs versinlər.
Sədrlik edən. Çox sağ olun. Elə götürək Türkiyənin şəhərlərini. 35–40 min əhalisi, cəmi 15–20 min yerlik otelləri olan şəhərlərə hər ay yüz minlərlə turist gəlir, mənzil turizmi olmasa, o yüz min turisti yerləşdirmək mümkün olmaz. Əflatun Amaşov.
Ə.Amaşov. Təşəkkür edirəm, cənab Sədr. Mən bir dəqiqə vaxtınızı almaq istəyirəm. Gürcüstan təcrübəsindən danışacağam. Gürcüstana ötən il 6 milyon turist gəldi və 2 milyarda yaxın Gürcüstanın gəliri oldu. Gürcüstana gələn turistlərin təqribən 70 faizə yaxını ayrı-ayrı ailələrdə yaşadı. Gürcüstanın hər bir kiçik şəhərində insanların hüququ var ki, öz evlərinin qapısını xaricdən gələn turistlərin üzünə açsınlar. Ona görə də mən bu düzəlişi kifayət qədər vacib və əsaslı sayıram, məncə, bu düzəliş  Azərbaycanda turizmin inkişafına güclü təkan verəcəkdir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Rafael müəllim, növbə ilə yazılmayın da. Nəsə yada düşür, yazılırsınız. Artıq səsə qoyuruq. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.38 dəq.)
Lehinə 93
Əleyhinə 2
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 96
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
13, 14, 15 və 16-cı məsələlər bir zərflə gələn məsələlərdir. Eyni dəyişikliklərdir. Əgər etiraz yoxdursa, Əli müəllim, üç məsələni Siz təqdim eləyin, 16-cı məsələni də Ziyad müəllim. Buyurun, 13-cü məsələ.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli həmkarlar, 13-cü məsələ Cinayət Məcəlləsində edilən dəyişikliklərlə bağlıdır. Qısaca qeyd etmək istəyirəm ki, təklifin mahiyyəti hüquqi şəxslərə aidiyyəti olan şəxslərlə əqdlərin bağlanması qaydalarının pozulmasına görə cinayət məsuliyyətini nəzərdə tutur və həmin məsuliyyət də həm cərimə, həm də müəyyən dövrdə azadlıqdan məhrumetmə cəzasını özündə ehtiva edir. 
14-cü məsələ İnzibati Xətalar Məcəlləsində edilən dəyişikliklərdir. Bu layihəyə əsasən də hüquqi şəxslərə aidiyyəti olan şəxslərlə bağlanmış əqdin səhmdara az miqdarda ziyan vurmasına görə cərimə nəzərdə tutulur. Çünki külli miqdarda, qeyd etdiyim kimi, artıq cinayət məsuliyyətinə səbəb olur. Az miqdarda isə inzibati məsuliyyətə səbəb olur. 
Nəhayət, 15-ci məsələ. Həm Cinayət Məcəlləsində, həm də İnzibati Xətalar Məcəlləsində edilmiş dəyişikliklərlə əlaqədar Mülki Məcəlləyə bir neçə yeni maddə – “Məhdud məsuliyyətli cəmiyyətin audit komitəsi”, “Açıq səhmdar cəmiyyətinin səhmlərinin başqasına keçməsi” və nəhayət, “Səhmdar cəmiyyətinin audit komitəsi” adlı maddələr nəzərdə tutulur. Hesab edirəm ki, bu dəyişikliklər hüquqi şəxslərlə bağlı məsələlərin, xüsusən də əqdlərin bağlanması və bağlanması zamanı meydana çıxan problemlərin qarşısının alınmasını həll edəcək, çünki bəzən bu cür əqdlərin qanuna müvafiq olaraq bağlanmaması sonradan məhkəmə mübahisələrinə də gətirib çıxarır. Çox sağ olun.
Sədrlik edən. Ziyad müəllim, Siz də 16-cı məsələni məruzə eləyin, sonra səsə qoyaq.
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Artıq Əli müəllim bu dəyişikliklər barədə kifayət qədər məlumat verdi. Qanun layihəsi müflisləşmə zamanı təyin olunan əmlak inzibatçısının hüquq və vəzifələrini, borclunun kreditorlarının hüquqlarını, müəssisənin sağlamlaşdırma şərtlərini, müflisləşmə zamanı ödənişlərin növbəliliyini, borcluya aidiyyəti olan  şəxsləri dəqiqləşdirmək məqsədi daşıyır.
Qanunda edilən dəyişikliklərin bir hissəsi uyğunlaşdırma və dəqiqləşdirmə xarakteri daşıyır. Qanun layihəsində əmlak inzibatçısının hüquqları və vəzifələri dəqiqləşdirilir. Dəyişikliklər borclunun əsas vəsaitlərinin satılması qaydasını da tənzimləyir. Dəyişikliyə əsasən kreditorlara bir sıra hüquqlar verilir. Kreditorların əmlak inzibatçısının fəaliyyətinə hər hansı bir məsələ ilə  bağlı sorğu vermək hüququna malik olacaqları bildirilir. Dəyişikliklər sağlamlaşdırma prosesində kreditorların iştirakını nəzərdə tutur. Ümumiyyətlə, müasir şəraitdə belə bir dəyişikliklər obyektiv zərurət daşıyır. Ona görə də millət vəkillərindən qanun layihəsinə səs vermələrini xahiş edirəm.
Sədrlik edən. Çox sağ olun. Başqa təklif yoxdursa, növbə ilə məsələləri səsə qoyaq. Gündəliyin 13-cü məsələsinə münasibət bildirin.

Səsvermənin nəticələri (saat 12.42 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
14-cü məsələyə münasibət bildirin.

Səsvermənin nəticələri (saat 12.42 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
15-ci məsələyə münasibət bildirin.

Səsvermənin nəticələri (saat 12.43 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 91
Nəticə: Qəbul edildi

Çox sağ olun.
Nəhayət, 16-cı məsələyə münasibət bildirin.

Səsvermənin nəticələri (saat 12.43 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 97
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Gündəliyin 17-ci məsələsi. Cənab Prezident tərəfindən Əziz Cəfər oğlu Seyidovun Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi ilə bağlı Milli Məclisə təqdimat göndərilib. Buyurun, Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli həmkarlar! Cənab Sədrin qeyd etdiyi kimi, Əziz Cəfər oğlu Seyidovun Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi ilə bağlı cənab Prezident tərəfindən təqdimat daxil olmuşdur. Sizə Əziz Seyidovla bağlı məlumatlar da təqdim olunmuşdur. Mən qısaca onu deyə bilərəm ki, Əziz müəllim uzun illərdir hüquq mühafizə orqanlarında vicdanla, ədalətlə çalışmış bir şəxsdir. O, əmək fəaliyyətinə Bakı Şəhər Prokurorluğunun müstəntiqi kimi başlamış, eyni zamanda, həm Hərbi Prokurorluqda, həm də milli təhlükəsizlik orqanlarında çalışmışdır. 2007-ci ildən isə o, Bakı şəhər prokuroru vəzifəsində olmuşdur.
Qeyd etməliyəm ki, Bakı şəhər prokuroru kimi çalışarkən insan hüquqlarının müdafiəsi, cinayətkarlara qarşı mübarizə kimi məsələlərdə Bakı Şəhər Prokurorluğunda bir sıra mütərəqqi işlər həyata keçirmişdir. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 93-cü maddəsi imkan verir ki, uzun müddət, yəni 20 ildən artıq hüquq təcrübəsi olan bu şəxs həmçinin Məhkəmə–Hüquq Şurasının təqdimatı ilə də hakim kimi çalışa bilər. Hesab edirəm ki, Məhkəmə–Hüquq Şurası belə bir təşəbbüsü ilə Azərbaycanın məhkəmə sisteminə həm də töhfə vermiş olacaq. İnanırıq ki, parlament də cənab Prezidentin bu təqdimatını, eyni zamanda, Məhkəmə–Hüquq Şurasının mövqeyini dəstəkləyəcək və Əziz müəllim hakim kimi fəaliyyətində də ədaləti hər zaman yüksək tutacaqdır. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Əgər başqa təklif yoxdursa, Əziz Seyidovun Ali Məhkəməyə hakim seçilməsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.46 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Əziz müəllim, təbrik edirik. Ali Məhkəmədə Sizə uğurlar. (Alqışlar.)
Gündəliyin 18-ci məsələsi Mülki Məcəllədə dəyişikliklər edilməsi haqqındadır. Əli Hüseynli buyursun.
Ə.Hüseynli. Çox sağ olun. Cənab Sədr, 18-ci və 19-cu məsələlər bir məktubla daxil olub. Qısaca qeyd etmək istəyirəm ki, “qiymətli kağızlar bazarı” anlayışı artıq bizim qanunvericilikdə mövcuddur və təklif olunur ki, həm Mülki Məcəllədə, həm də İnzibati Xətalar Məcəlləsində “qiymətli kağızlar” ifadəsi “qiymətli kağızlar bazarı” ifadəsi ilə əvəz olunsun. Yəni faktiki olaraq bu layihə Mülki Məcəllənin və İnzibati Xətalar Məcəlləsinin “Kommersiya sirri haqqında” Qanuna uyğunlaşdırılması ilə bağlıdır. Səs verilməsini xahiş edirəm.
Sədrlik edən. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.48 dəq.)
Lehinə 86
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 87
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
19-cu məsələyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.48 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 94
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.

20-ci məsələ Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsidir. Buyursun Ziyad Səmədzadə.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Vergi Məcəlləsinə təklif olunan dəyişiklik “beynəlxalq daşıma” anlayışının dəqiqləşdirilməsi məqsədi daşıyır. Bu məqsədlə məcəllənin “Beynəlxalq daşıma” anlayışını nəzərdə tutan müvafiq maddəsinin ikinci hissəsi yeni redaksiyada verilir. Təklif olunan anlayış aşağıdakı kimi müəyyən olunur. Beynəlxalq daşıma – yüklərin, sərnişinlərin, baqajın və poçtun daşıma sənədləri əsasında müxtəlif nəqliyyat növləri ilə Azərbaycan Respublikasında yerləşən göndərilmə (təyinat) məntəqəsi ilə digər dövlətdəki təyinat (göndərilmə) məntəqəsi arasında daşınmasıdır. Bu, kifayət qədər məqbul daşınma sayılır və Vergilər Nazirliyi də millət vəkillərinin təklifini nəzərə alaraq bunu dəstəkləmiş, hökumət də, cənab Prezident də bu təşəbbüslə çıxış etmişdir. Ona görə millət vəkillərindən qanun layihələrinə səs vermələrini xahiş edərdim.

Azərbaycan Respublikası  Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Sağ olun. Başqa təklif yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən.  Buyurun, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.50 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 88
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsidir. Ziyad müəllim, buyurun.
Z.Səmədzadə. Hörmətli millət vəkilləri, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda dəyişikliklər hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi sahəsində yeni mexanizmin yaradılması və tətbiq edilməsini nəzərdə tutur. Qeyd etmək istərdik ki, qanunun 9-cu maddəsi hüquqların dövlət qeydiyyatının aparılması qaydasını müəyyən edir. Bu maddəyə təklif olunan dəyişikliyə əsasən hüquqların qeydiyyatının daha da sürətləndirilmiş icra qaydası və müddətləri tətbiq olunacaqdır. Bu məqsədlə həmin maddəyə aşağıdakı redaksiyada yeni cümlə əlavə edilir: “Ərizənin sürətləndirilməklə icra edilməsi qaydası və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir”. Kifayət qədər sadə, lakin məzmunlu bir ifadədir. Ona görə də millət vəkillərindən qanun layihəsinə səs vermələrini xahiş edərdim.
Sədrlik edən. Sağ olun. Əgər başqa çıxış etmək istəyən yoxdursa, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.52 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 88
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsidir. Ziyad müəllim, buyurun.
Z.Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri!  “Dövlət rüsumu haqqında” Qanunun 4.1-ci maddəsində “həmin xidmətləri və hüquqi hərəkətləri həyata keçirən dövlət orqanlarının, habelə dövlət notariat kontorlarının” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumların” sözləri ilə əvəz edilir. Bu da qanunvericiliyin tələblərinə tamamilə uyğundur. Son zamanlar qanunlarda qurumların adını yazmırıq. Bu qurumların adları qanunun tətbiqi ilə bağlı müvafiq fərmanda göstərilir. Millət vəkillərindən bu qanun layihəsinə də səs vermələrini xahiş edərdim.
Sədrlik edən. Sağ olun. Hörmətli millət vəkilləri, 23, 24, 25 və 26-cı məsələlərin də mahiyyəti, mən bildiyimə görə, bu məsələ ilə bağlıdır. Yəni müvafiq icra hakimiyyəti məsələsidir, elə deyilmi, Əli müəllim? Buyurun.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, bütün bu 4 məsələnin qısaca bir mahiyyəti var. Bilirsiniz ki, qanunvericilikdə bir sıra hallarda müəyyən xidmətlərdən daxil olan vəsaitlərin müvafiq icra hakimiyyəti orqanının özündə qalması ilə bağlı bir müddəa var idi. Amma hazırkı düzəliş, hesab edirəm ki, ümumiyyətlə, maliyyə vəsaitlərinə nəzarətlə bağlı, şəffaflıqla bağlı çox vacibdir. Burada təklif olunur ki, bu vəsaitlərdən səmərəli istifadə olunması məqsədi ilə büdcədənkənar fondların vəsaitlərinə nəzarət mexanizmi yaradılsın və maliyyə şəffaflığının təmin olunması üçün bütün bu vəsaitlər cənab Prezidentin fərmanı ilə müəyyən ediləcək müvafiq bir icra hakimiyyətində olsun. Hesab edirəm ki, bu düzəlişlə bir sıra hallarda bu sahədə baş verən vəsaitlərdən qeyri-səmərəli istifadənin də qarşısı alınmış olacaq.
Sadəcə, qeyd etmək istəyirəm ki, 23-cü məsələ yol polisi, 24-cü məsələ miqrasiya, 25-ci məsələ vergi və 26-cı məsələ gömrük ilə bağlıdır. Amma hamısının mahiyyəti eynidir. Vəsaitin müvafiq bir icra hakimiyyəti orqanında toplanmasından söhbət gedir.
Sədrlik edən. Aydındır. Təşəkkür edirəm, Əli müəllim. Onda xahiş edirəm, 22-ci məsələdən başlayaq. 22-ci məsələyə – “Dövlət rüsumu haqqında” Qanuna edilən dəyişikliklərə münasibət bildirin.

Səsvermənin nəticələri (saat 12.55 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələyə, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.55 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 90
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
“Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də  dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinə, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.56 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.56 dəq.)
Lehinə 87
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 87
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Nəhayət, Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsinə münasibət bildirməyinizi xahiş edirəm.

Səsvermənin nəticələri (saat 12.57 dəq.)
Lehinə 86
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 87
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsidir. Ziyad müəllim, buyurun.
Z.Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Təklif olunan dəyişikliyin mahiyyəti aşağıdakı kimidir. Bu dəyişiklik cinayət təqibinin həyata keçirilməsi və ya məhkəmə icraatı çərçivəsində aparılan yoxlamalara şamil edilmir. Bilirsiniz ki, biz “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanun qəbul etmişdik. Bu qanun, həqiqətən, özünü doğruldur. Eyni zamanda, prosesdə bu məsələ də meydana çıxıb ki, cinayət xarakterli məsələlər varsa, məhkəmə icraatı prosesi gedirsə, yoxlamalar buna şamil edilmir. Millət vəkillərindən bu qanun layihəsinə də səs vermələrini xahiş edərdim.
Sədrlik edən. Buyurun, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.59 dəq.)
Lehinə 87
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 87
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.

Növbəti məsələ “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədədir. Ziyad müəllim, buyurun.
Z.Səmədzadə. “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunun 49-1-ci maddəsinin ləğvi təklif olunur. Ləğv edilən maddənin mətnini diqqətinizə çatdırmaq istərdim. “Mərkəzi Bank sosial-iqtisadi əhəmiyyətli layihələrin maliyyələşdirilməsi, habelə iqtisadiyyatın real sektoruna maliyyə dəstəyinin təmin edilməsi məqsədi ilə dövlət zəmanəti əsasında banklara kreditlər verə bilər. Belə kreditlərin forma, qayda və şərtlərini Mərkəzi Bankın İdarə Heyəti müəyyən edir. Məqsədli kredit üzrə borc öhdəliyinin dövlət zəmanəti hesabına həyata keçirilməsi zərurəti yarandıqda və bu öhdəliyin tam və ya bir hissəsinin icrası Mərkəzi Bankın razılığı ilə dövlətin buraxdığı borc qiymətli kağızları ilə həyata keçirdikdə Mərkəzi Bank qiymətli kağızların emissiya şərtlərinə uyğun olaraq ilkin bazarda əldə edir”. Bu maddə Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması ilə əlaqədar olaraq, ümumiyyətlə, pul-kredit siyasətinin daha təkmil aparılması üçün ləğv edilir.
Sədrlik edən. Həmin səlahiyyətlər Nəzarət Palatasına verilir. Aydındır. Buyurun, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.01 dəq.)
Lehinə 85
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 86
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədədir. Ziyad müəllim, buyurun.
Z.Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi respublika ərazisində valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsinin ümumi əsaslarını və valyuta mübadiləsi fəaliyyətini həyata keçirmək istəyən şəxslər üçün lisenziyalaşdırma, eləcə də lisenziyaların dayandırılması, ləğvi, lisenziyaya əlavələrin edilməsi qaydalarını, müvafiq fəaliyyətin həyata keçirilməsi üçün tələb olunan minimum girova dair tələbləri, həmin girov vəsaitindən istifadə şərtlərini, valyuta mübadiləsi fəaliyyətinə verilmiş lisenziyaların reyestrinin aparılmasını müəyyən edir.
Mövcud vəziyyətdə bilirsiniz ki, bu qanun uzun illərdir, Azərbaycan iqtisadiyyatında tətbiq olunur və bu tətbiq nəticəsində pul-kredit siyasəti həyata keçirilir. Ticari-iqtisadi əlaqələrin inkişaf etdirilməsi istiqamətində müsbət nailiyyətlər əldə edilib. Lakin son illərdə pul-kredit siyasətində yaranmış vəziyyət, bankların iqtisadi fəallığının təsirinin azaldılması, manatın devalvasiyası ilə əlaqədar olaraq bir sıra məsələlər meydana çıxmışdır ki, bütün bunları nəzərə alaraq dövlət başçısı qanunda aşağıdakı dəyişikliklərin edilməsi təşəbbüsünü məqsədəuyğun saymışdır.
Mövcud vəziyyət ondan ibarət idi ki, əvvəllər valyuta mübadiləsi şöbələrinin təşkili və əməliyyatların aparılması qaydaları Mərkəzi Bankın bilavasitə vasitəsilə həyata keçirilirdi. Ölkədə Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması ilə əlaqədar olaraq təklif olunur ki, qaydalar bu qanunla müəyyən edilsin. Artıq Mərkəzi Bankın qərarı ilə deyil, Milli Məclisin “Valyuta tənzimi haqqında” Qanununa ediləcək dəyişikliklərlə müəyyən edilsin. Hazırda Mərkəzi Bankın icazəsi əsasında valyuta dəyişmələri, valyuta prosesləri bank şöbələri tərəfindən həyata keçirilir. Bu da ləğv olunur, həmin funksiyalar Maliyyə Bazarlarına Nəzarət Palatasına verildiyi üçün təklif olunur ki, bu, lisenziyalaşdırılan fəaliyyət növü hesab edilsin. Yəni valyuta məntəqələrinin fəaliyyəti lisenziyalaşdırılan fəaliyyət növü kimi müəyyən edilir və lisenziyaların verilməsi Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən həyata keçirilir.
Xarici valyutanı satmaq, almaq və ya dəyişdirmək hüququ yalnız rezidentlərə məxsus idi. Amma yeni variantda qeyri-rezidentlər də bu hüququ əldə edə bilərlər. Valyuta mübadilə fəaliyyətini həyata keçirmək hüququna indiyə qədər yalnız banklar, poçt şöbələri malik idilər. Təklif olunur ki, subyektlərin siyahısı genişləndirilsin, banklar və post şöbələri ilə yanaşı, poçtlar, rezident və qeyri-rezident hüquqi şəxslər, həmçinin Azərbaycan Respublikasının vətəndaşları da bu hüququ əldə edə bilsinlər.
Habelə təklif olunur ki, valyuta mübadiləsi fəaliyyətinin lisenziyalaşdırılması ilə əlaqədar bu fəaliyyətə lisenziya verilməsinin tənzimlənməsi üçün xüsusi olaraq bu Qanuna II fəsil əlavə edilsin. Bu II fəsildə valyuta mübadiləsi fəaliyyəti ilə əlaqədar olaraq lisenziya verilməsi şərtləri açıqlanır. Valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsi üçün girov məbləği müəyyən edilmişdi, girov məbləğinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməsi nəzərdə tutulmuşdu. Lakin biz ilk anlardan bu dəyişikliklə əlaqədar olaraq hörmətli Səfa müəllim ilə bir yerdə bank işçiləri ilə, Maliyyə Bazarlarına Nəzarət Palatasının əməkdaşları  ilə fikir mübadiləsi etdik. Dünya təcrübəsinə baxdıq və həmin məbləğin qanun layihəsində göstərilməməsi məsələsini həll etdik. Yəni artıq bizim qanun layihəsində bu yoxdur.
Bütövlükdə təbii ki, bu çox ciddi bir məsələdir. Azərbaycanda valyuta tənzimi, həqiqətən, ölkənin iqtisadi maraqlarını, əhalinin maraqlarını müəyyən edən ən vacib şərtlərdən biridir. Azərbaycan dinamik inkişaf edən ölkədir. Ölkədə valyuta mübadiləsi prosesini sağlamlaşdırmaq, təkmilləşdirmək, qara bazarı aradan çıxartmaq üçün bu sahədə də müəyyən tənzimlənmə işləri aparılmalıdır ki, həmin bu fikirlər də təqdim edilən qanun layihəsində öz əksini tapmışdır. Ancaq millət vəkillərinin də, heç şübhəsiz ki, dəyərli təklifləri  ola bilər. Ona görə də millət vəkillərini fəal müzakirəyə dəvət edirəm. Görürəm, yazılanlar çoxdur. Gəlin, birlikdə müzakirə edək.
Sədrlik edən. Təşəkkür edirəm. Qanun layihəsinin müzakirəsinə başlayırıq. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli deputat həmkarlar, jurnalistlər! Doğrudan da, bir müddət öncə bizim valyuta məntəqələrinin ləğv olunması həm turistlər arasında, həm də elə vətəndaşlarımız arasında xeyli narahatçılığa səbəb olmuşdu, müəyyən çətinliklər yaratmışdı. Əlbəttə, çox müsbət haldır ki, bu gün bu qanun layihəsi parlamentə təqdim olunur və yenidən valyuta mübadiləsi məntəqələrinin açılmasına şərait yaradılır. Həm də təqdirəlayiq hal kimi xüsusi qeyd etmək lazımdır ki, vətəndaşlara da belə bir hüquqdan yararlanma imkanları tanınır. 
Burada mən hörmətli Ziyad müəllimin diqqətinə bir şey çatdırmaq istəyirdim ki, qanunun 13-1-ci maddəsi var, “Lisenziyanın alınması üçün müraciət”. Burada lisenziya verilməsi üçün tutaq ki, fiziki şəxsdən söhbət gedirsə, əvvəlcədən ondan tələb olunur ki, vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınması barədə şəhadətnamənin surəti olsun. Bəlkə buna lisenziya verilməyəcək, bu adam niyə gedib vergi ödəyicisi kimi qeydiyyata durmalıdır? Bu məsələyə istərdim ki, bir aydınlıq gətirilsin.
İkincisi, misal üçün, yenə də 13-1.2.3-cü bənddən söhbət gedir. Eyni ilə ondan sonrakı bənddə də göstərilir ki, ərizədə qeyd olunan obyektlərin hər biri üzərində ərizəçinin mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surəti lazımdır. Əgər bu, lisenziya ala bilməyəcəksə, əvvəldən tutaq ki, özünün valyuta mübadiləsi məntəqəsi kimi istifadə edə biləcəyi bir obyekti yoxdursa, nəyə görə gedib kiminləsə müqavilə bağlamalıdır, pul ödəməlidir? Əvvəlcədən bunun tələb olunması doğru deyil. Ən azından bu lisenziyanın verilməsini ya iki mərhələdə həyata keçirməliyik, ya da əvvəlcədən bunun tələb olunmasını doğru saymıram. İndi əsaslandıracağam niyə. “Rezident  hüquqi şəxsin nizamnaməsini notariat qaydasında təsdiq olunmuş surəti”. Bunları, əlbəttə, banklarla münasibətdə tələb etmək olar. Amma vətəndaşlara münasibətdə bunu doğru saymıram.
Bundan başqa, 13-1.2.9-cu maddədə qeyd olunur ki, bu qanunun 3-cü maddəsinin beşinci hissəsində nəzərdə tutulan  tələblərə  əməl edilməsi barədə təsdiqedici sənədlər lazımdır. 5-ci maddədə də qeyd olunur ki, həmin valyuta məntəqəsinin açılacağı yerlər müvafiq icra hakimiyyəti orqanı ilə Nəzarət Palatası tərəfindən birgə müəyyənləşdirilir. Bu sənədlər necə müəyyənləşdirilə bilər? Lisenziya almamış bunun müraciəti əsasında Nəzarət Palatası, Ziyad müəllim, gedib, həmin vətəndaşa müəyyən vaxt ayırıb göstərəcəkmi ki, harada aça bilərsən, bu hansı orqanla razılaşdırılır, necə razılaşdırılır? Bunu ona görə söyləyirəm ki, 3-cü maddənin beşinci hissəsində nəzərdə tutulan sənədlərin ərizə ilə birlikdə tələb olunması xeyli problem yaradacaq və sui-istifadə hallarına yol açacaq. Axı, biz bilmirik, nə qədər valyuta məntəqəsi açılacaq, icra hakimiyyəti orqanının razılığı ilə harada açılacaq? Bu məsələ ilə bağlı lisenziya verilməmişdən, Nəzarət Palatasına ərizə verilməmişdən öncə, – bunun heç bir statusu yoxdur, adicə bir vətəndaşdır, – bu məsələlər müvafiq orqanlarla necə razılaşdırılacaq?
Bunun üçün mən düşünürəm ki, adam ərizə verəndən sonra ona xüsusi nə isə sənəd verilməlidir ki, getsin, müvafiq orqanlarla digər məsələləri həll etsin və artıq ondan sonra lisenziyanı alsın. Yoxsa əvvəlcədən bu sənədlərin tələb olunması, düşünürəm ki, bəri başdan vətəndaşa yox demək kimi bir şeydir. Yəni vətəndaş Nəzarət Palatası ilə əvvəlcədən, bildiyimiz dədə-baba qaydası ilə qeyri-rəsmi razılaşdırmalıdır ki, mənə icazə verirsinizsə, mən valyuta məntəqəsi açıram. Ondan sonra ona qeyri-rəsmi göstəriş verilsin ki, get, filan yerdə razılaş. Yoxsa qanuni yolla, açıq sizə deyirəm ki, sadə vətəndaşın bu formada sənəd əldə etməsi mümkünsüz bir məsələdir. Ona görə 13-1-ci maddə ilə bağlı, hesab edirəm ki, ciddi düşünməliyik. Əgər, həqiqətən də, biz bunu açırıqsa, onda elə etməliyik ki, doğrudan da, vətəndaşlar bu hüquqdan istifadə edə bilsinlər. Burada ayrı-seçkiliyə imkan yaradılmasın.
Bir də digər bir məsələ var. Bu, girovla bağlı məsələdir. 13-10-cu maddədə qeyd edirik ki, lisenziya almaq istəyən şəxs əvvəlcədən müvəkkil bankda xüsusi hesabda lisenziya müddəti ərzində depozit saxlamalıdır. Yəni bu fiziki şəxs olsun, ya hüquqi şəxs olsun, lisenziyanın olduğu müddətdə bunun vəsaitinin depozitdə saxlanmasının mənasını şəxsən mən anlamıram. Niyə? Burada o halda girov saxlanıla bilər ki, bunun hansısa maliyyə öhdəliyi yarandığı təqdirdə həmin girov hesabına o öhdəliklər yerinə yetirilsin. Valyuta dəyişmədə, Ziyad müəllim, hansı öhdəlik əmələ gəlir ki, onun depoziti orada  saxlanılsın? Yəni bu adam lisenziyanın qüvvədə olduğu dövrdə öz vəsaitindən istifadə edə bilmir. Sonradan həmin vəsaitdən Nəzarət Palatası öz qərarına uyğun olaraq istifadə edir. Bunun bir izahı olmalıdır. Düşünürəm ki, lisenziyanın qüvvədə olduğu dövrdə o vəsaitin orada saxlanması vətəndaşların, elə bil, müəyyən vəsaitinin dövriyyədən çıxarılmasıdır ki, bu da yolverilməzdir. Çünki həmin vəsaitlərdən sahibkar, vətəndaş özünün başqa məqsədləri üçün istifadə edə bilər. Diqqətinizə görə sağ olun.
Sədrlik edən.  Sağ olun. Mən Elmira xanıma söz verməzdən əvvəl bir məsələni sizinlə razılaşdırım. Etiraz etmirsinizsə, 5 dəqiqəyə keçək. Yazılanlar çoxdur, məsələlərimiz də qalıb. Etiraz yoxdur? 
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Elmira xanım, buyurun.
E.Axundova. Çox sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Düzdür, valyutadəyişmə məntəqələrinin ləğvi barədə biz deputatlar dəfələrlə çıxış etmişdik. Qeyd etmişdik ki, belə bir addımın atılması bir sıra mənfi hallara səbəb ola bilər. İlk əvvəl valyutadəyişmə məntəqələrinin fəaliyyətinin dayandırılması ilə çoxlu sayda təcrübəli və ixtisaslı insan işsiz qaldı. Bunun əvəzində Azərbaycanda “qara bazar” yarandı, qanunsuz valyuta əməliyyatları kütləvi hal aldı. Yaxşı ki, hökumətimiz  vaxtında bunun qarşısını ala bildi.
İkincisi, bu məntəqələrin açılışı xarici turistlər üçün də çox böyük önəm daşıyır. Çünki istirahət günləri bilirsiniz ki, bir çox banklar işləmədiyi üçün xarici turistlər özləri ilə gətirdikləri valyutanı manata çevirə bilmirlər. Əsasən dollar olan həmin vəsait istifadə olunmadan yenidən ölkəmizdən çıxır. Bütün bunları nəzərə alaraq “Valyuta tənzimi haqqında“ Qanuna təklif edilən dəyişikliyi mən mühüm addım hesab edirəm və onu dəstəkləyirəm. Yeni dəyişikliklər valyutadəyişmə məntəqələrinin qanuni şəkildə fəaliyyət göstərməsinə imkan yaradacaqdır. Həmin şəxslər artıq vergi ödəyicilərinə çevriləcək və dövlətə mənfəət gətirəcəklər. 
Bütün bu müsbət  məqamlarla yanaşı, bəzi fikir və iradlarımı da sizinlə bölüşmək istərdim. Əvvəla, ilk sualım, Ziyad müəllim, rezident fiziki şəxsin fəaliyyət ünvanı ilə bağlıdır. Məncə, fəaliyyət ünvanı tələb olunmamalıdır. Çünki bu, vətəndaşlar üçün əlavə çətinliklər yaradacaq. Bilirsiniz ki, valyutadəyişmə məntəqələrinin fəaliyyət ünvanı tez-tez dəyişə bilər. Amma hər dəfə ünvan dəyişəndə gərək lisenziya da yenidən rəsmiləşdirilsin.
Qanunun 13-5-ci maddəsi ilə bağlı sual vermək istərdim. Lisenziya yenidən rəsmiləşdirilərkən yenə də hər hansı bir rüsum tələb olunacaq, yoxsa yox? Bununla bağlı məsələyə qanunda aydınlıq gətirilməlidir.
Qanunun 13-8-ci maddəsində lisenziyanın ləğvi halları sadalanır. 13-8.1.7-ci maddəyə görə lisenziyanın sahibi lisenziya aldıqdan sonra 3 ay  ərzində bu fəaliyyətə başlamadıqda lisenziya ləğv edilir. Düşünürəm ki, bu müddəti ən azı 6 ay uzatmaq olar. Çünki lisenziya alandan sonra müəyyən səbəblər ola bilər ki, şəxs dərhal işə başlaya bilməsin. Mən Qüdrət müəllimlə tam razıyam ki, girov məsələsinə bir az da baxmalıdırlar, bunlara ciddi yanaşmalıdırlar. Ən azı da girov 2 dəfə, 3 dəfə azalmalıdır.
Lakin ikinci tərəfdən, mən hesab edirəm ki, lisenziya alınması proseduru çox da asan olmamalıdır. Keçmişdə hər kəs valyuta məntəqəsi aça bilirdi. Bu, düzgün deyil. Ona görə biz buna çox ciddi yanaşmalıyıq. Doğrudan da, bu prosedur bir az sərt olmalıdır. Məncə, 500 manat lisenziya rüsumu azdır. Girovu azaltmaq olar, amma lisenziya rüsumunu ən azı 2 dəfə qaldırmaq lazımdır. Çünki lisenziya müddətsiz verilir. Dövlət 1000 manat, 1500 manat ala bilərdi. Digər tərəfdən lisenziya alan hüquqi və fiziki şəxslərin sənədləri çox ciddi yoxlanılmalıdır. Söhbət tək vergi cinayətlərinin olub-olmamasından getməməlidir. Həm  də bu sahədə işləmək istəyənlərin təcrübəsi, peşəkarlığı olmalıdır. Yəni valyutadəyişmə məntəqəsini açan şəxs ən azı ali maliyyə ixtisasına malik olmalıdır. Mənə elə gəlir ki, bunu da dəyişikliklərə sala bilərdik. Xahiş edirəm, qeyd etdiyim məsələlərə aydınlıq  gətirəsiniz. Ümumilikdə isə qanuna təklif edilən dəyişiklikləri labüd və aktual hesab edirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Vahid Əhmədov.
V.Əhmədov. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri!  Yadınıza gəlirsə, keçən ilin ortalarında Azərbaycan maliyyə bazarlarında yaranmış vəziyyətlə əlaqədar olaraq qərar qəbul olundu ki, valyutadəyişmə məntəqələri hələlik bağlansın. Amma müəyyən müddət keçdikdən sonra  Azərbaycanın iqtisadi həyatında, maliyyə bazarında müəyyən dəyişikliklər baş verdi və belə bir qanun layihəsi bizə daxil oldu. Bu qanun layihəsində əsas məqsəd valyutadəyişmə məntəqəsinin bərpasıdır, burada ikinci əlavə bir variant yoxdur. Amma valyutadəyişmə məntəqələrinin bərpası ilə əlaqədar belə bir qanuna ehtiyac yox idi. Bu qanun var. Əvvəl valyutadəyişmə məntəqələri Mərkəzi Bankın nəzdində fəaliyyət göstərirdi. Mərkəzi Bankın şöbəsi ona nəzarət edirdi. Hazırda  Maliyyə Bazarlarına Nəzarət Palatası bunu həyata keçirəcək. Ciddi bir dəyişiklik yoxdur.
İndi burada Qüdrət müəllim də, Elmira xanım da məsələ qaldırdı. Ən ciddi və narahat edən məsələ girov məsələsidir. Qanun cənab Prezidentdən gəldiyi üçün biz onu əlbəttə, qəbul edəcəyik. Əvvəlki layihədə 50 min manat, 50 min dollar girov qoymuşdular ki, valyutadəyişmə məntəqəsi açan şəxs bu qədər vəsait ödəməlidir. Sual doğur. Bu girov nədən ötrüdür? Bu şəxs valyutadəyişmə məntəqəsi açır, burada qeyri-nağd hesablaşmalar həyata keçirilmir, 500 manat da dövlət rüsumu ödəyir ki, valyuta dəyişmə məntəqəsi açsın. Amma girovu nəyə görə ödəməlidir? Girovu ödəməkdə məqsəd nədən ibarətdir?
Sədrlik edən. Vahid müəllim, üzr istəyirəm, Ziyad müəllim dedi ki, girov məsələsini çıxarıblar. 
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. İndi girov kimin səlahiyyətindədir?
V.Əhmədov. O çıxdı, 50 min manat idi, 50 min dollar idi. Onun yerinə girov qoyublar, məbləğini Maliyyə Bazarlarına Nəzarət  Palatası yuxarı icra hakimiyyəti orqanı ilə müəyyən edəcək. Sabah Maliyyə Bazarlarına Nəzarət  Palatası girovu 100 min də edə bilər, 200 min də edə bilər.  Mənim məqsədim bu deyil. Sual doğur ki, girov nədən ötrüdür, nə səbəbə qoyulur? Bu böyük bir təşkilat yaratmır, kommersiya təşkilatı deyil. Bu yalnız nağd pulun alqı-satqısı ilə məşğuldur. Bununla əlaqədar 500 manat dövlət rüsumu ödəyir, lisenziya alır. Girov nədən ötrüdür?
İkincisi də, bu girov mütləq yuxarı icra hakimiyyəti orqanı ilə razılaşdırılmalıdır. Kimdir yuxarı icra hakimiyyəti orqanı? Prezident Administrasiyasıdır? Ümumiyyətlə, bu, sual doğuran məsələdir.  Burada girova ehtiyac yoxdur, heç bir girovdan söhbət gedə bilməz. Bu çox ciddi məsələdir. Ümumiyyətlə, Ziyafət müəllim, mən bu qanunla əlaqədar çox danışmaq istəmirəm. 2016-cı ildə cənab Prezident Azərbaycanda iqtisadi islahatların həyata keçirilməsi ilə əlaqədar qərar verdi, strateji yol xəritəsini təsdiq etdi. Biz hamımız onunla tanış olmuşuq.  Təxminən keçən ilin oktyabr ayından başlayaraq bu ilin birinci rübü də daxil olmaqla çox ciddi qanun dəyişiklikləri aparırıq. Bəzən elə olur ki, vaxt olmur, dəyişikliyi tez bir müddətdə komitədən keçirib veririk.

Azərbaycan Respublikası  Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Amma mən sizə demək istəyirəm, hörmətli Oqtay müəllim, Ziyafət müəllim, bizə verilən qanun dəyişiklikləri real həyatı əks etdirmir. Biz bu gün həyatda çox ciddi problemlərlə üzləşirik. 2016-cı ildə “Nağd hesablaşmalar haqqında” Qanun qəbul etmişik. Bu dəqiqə Azərbaycan iqtisadiyyatında ödənişlərlə əlaqədar olaraq ciddi problemlər yaranır. Cənab Prezidentə, ola bilər, məlumat vermirlər. O vaxt biz bu qanunu qəbul etdik. Oqtay müəllimin, yəqin, bu barədə məlumatı var. Valyuta haqqında qanunu gətirib bizə verdilər, biz də bunu qəbul etməliydik, etdik. Yenə deyirəm, girov məsələsini əvvəl müzakirə etmək lazımdır, bunun axırına çatmaq lazımdır ki, nəyə görə mən girov verməliyəm və mənim verdiyim girov valyutadəyişmə məntəqəsi işləyənə qədər niyə depozitdə saxlanmalıdır? Mən fiziki şəxsəm, mənim  pulum  niyə depozitdə saxlanmalıdır?
Bizə daşınar əmlakla əlaqədar üçüncü bir qanun veriblər. Dünən Milli Məclisin komitə iclasında ciddi müzakirə aparmışıq. Bu qanuna heç ehtiyac yoxdur. Çünki daşınar əmlakla əlaqədar  kredit bu gün  də verilir. Heç kimə etiraz olunmur. Amma indi qanuna baxırıq. Bu qanunla bağlı Vergilər Nazirliyi ilə Palata arasında çox ciddi toqquşma var. Əgər bu qanunu biz bu formada qəbul etsək, 2017–2018-ci illərdə vergi yığımında və büdcədə ciddi problemlər yarana bilər. Bu islahatı aparan insanlar fikirləşməlidirlər ki,  bu qanunu qəbul etməklə hər şey düzəlmir. Real həyat var,   təsərrüfat var. Yəni bu təsərrüfata rəhbərlik edən insanlar var. Onları da fikirləşmək lazımdır ki, onlar bu qanunları həyata keçirməyə nail olsunlar. Ona görə də mən, ümumiyyətlə, bu qanunların belə tez-tez qəbulu ilə əlaqədar olaraq çox narahatam. Mən təklif edərdim, Oqtay müəllimdən də xahiş edərdim ki, cənab Prezidentlə danışsınlar. Bu islahatlarla əlaqədar təsərrüfatı bilən, məşğul olan insanlarla müəyyən bir şura yaratsınlar. Yoxsa kitabı götürüb kağıza köçürməklə bunu həyata keçirmək mümkün deyil. Mən bayaq da qeyd etdim, nağd hesablaşmalarla əlaqədar Oqtay müəllim, Ziyafət müəllim, Azərbaycan iqtisadiyyatında bu gün çox ciddi problem yaranıb. Bizə müraciətlər həddən artıq çoxdur. Biz orada rəqəm qoymuşuq, indi danışmaq istəmirəm, müəyyən rəqəmlər var. Amma problem qalmaqda davam edir. Mən artıq dərəcədə xahiş edirəm, bu qanunları tez-tez qəbul etməklə biz heç nəyə nail ola bilmərik. Ciddi müzakirələrə ehtiyac var. Oqtay müəllim, Sizdən xahiş edirəm ki, bunu nəzərə alasınız.
Sədrlik edən. Çox sağ olun. Vahid müəllim, birinci dediyiniz məsələ bu qanun layihəsində rəqəmlərlə qoyulmuşdu, yüksək rəqəmlər idi. Biz o rəqəmləri dəyişdirdik, qanunvericilik təşəbbüsünün subyekti ilə danışdıq, rəqəmlər azaldı. Ancaq depozit dünyanın bütün ölkələrində var. Depozit, ola bilər, 10 min də olsun, 5 min də olsun. Bu bankomat işləməlidir də. Depozitsiz necə ola bilər? Depozit rəqəmlə 100 min, 130 min olsaydı, deyərdim ki, sən depozitdə 130 min saxlayırsan. Ancaq depozit 5 min, 10 min olsa, sənin açdığın bankomata, onun işləmək formasına heç bir ziyanı yoxdur. Amma əhaliyə dəstəyi olacaq. Sabah valyuta alanda orada manatı da, dolları da olacaq. 1 ay qabaq, 15 gün qabaq biləcək ki, bunun pulu çatmır, pulunu artıracaq. Biz bunun üzərində çox işlədik. Bir çox təcrübələrə baxdıq. Onu mütləq rəqəmdən bu vəziyyətə saldıq. O ki qaldı bizim qəbul etdiyimiz qanunlara, onları Sizinlə bir yerdə qəbul etdik. Mən Sizdən də qabaq dedim ki, bəli, nağd pulun keçirilməsi məsələsinə baxılmalıdır. O məsələ qaldırılıb, onun  üzərində iş gedir. 15 gün qabaq deyilən bir məsələdir. Buyursun Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, Oqtay müəllim.  Təqdim olunan qanun layihəsi, təbii ki, bugünkü gün üçün vacib olan qanun layihəsidir. Reallığı əks etdirən bir qanun layihəsidir. Lakin bununla yanaşı, mən bir neçə fikrimi də qeyd etmək istəyirəm. Bir ilə yaxındır ki, bu cür  valyutadəyişmə məntəqələrinin ləğvi nəticəsində qara bazarda vətəndaşlarımızın aldadılması, valyutanın yüksək faizlə dəyişdirilməsi məsələləri gündəmdə idi və hər bir vətəndaş da bundan çox böyük əziyyət çəkirdi. Hesab edirəm ki, biz bunu tam qanun çərçivəsində həyata keçirməklə həmin məsələlərin həllinin tapılmasına nail ola bilərik.
Lakin bir sual çıxır, Oqtay müəllim. Axı bu var idi. Bunu təkmilləşdirmək olardı. Təzədən velosiped kəşf etməyə ehtiyac yoxdur. Velosiped varsa, bunu təkmilləşdirib daha mükəmməl bir şey etmək olar. Gəlin, bunu təkmilləşdirək. Qanunun çatışmazlığı varsa, qəbul edək, göndərək. Fərman, sərəncam lazımdırsa, təqdim etsinlər, fərman, sərəncam verilsin. Burada minlərlə valyutadəyişmə məntəqəsi bir il müddətinə dayandı, orada əgər 2 nəfər çalışırdısa, hərəsinin də 3 nəfər ailə üzvü vardısa, bu insanlar tamamilə qıraqda qaldılar. Qara bazarda pullar fırlandı və nəticə etibarilə biz təzədən həmin məsələyə qayıdırıq. Bunların yerləri vardı, hər bir vətəndaşa bəlli idi. Digər məsələlər də var. İstər istirahət günü olsun, istərsə də digər bayram günləri olsun, mütəmadi olaraq səhərdən axşama qədər işləyirdilər, bu məsələlər də cüzi faizlə həllini tapırdı. Mən hesab edirəm ki, bunları yenidən bərpa edəndə biz həmin insanlara  üstünlük verməliyik. Çünki o insanların kifayət qədər təcrübələri var. Bu sahədə çalışıblar, bilirlər. Onlar da başa düşürlər ki, hər hansı sahədə olur-olsun, düzgün xidmət göstərməlidirlər. İndi bazar günləri bir dənə valyutadəyişmə məntəqəsi var, o işləyir, bütün insanlar gedirlər, qarşısında növbə yaranır. Bu nədən ötrüdür? Burada ziyan nədir? Bir adam izahatını vermir ki, bunun ziyanı nədən ibarətdir? Banklara valyuta çıxarılır, satışa verilir. Bu da çıxarır, vətəndaşa satır. Bunu azaltmağın, gətirib 3–5 eləməyin mənası nədən ibarətdir? Ciddi nəzarət olandan sonra, – burada da qeyd olundu, həmkarlarım da qeyd etdilər, – qalan şeylərə ehtiyac yoxdur. Bu, valyutadəyişmə məntəqəsidir, bank deyil ki, buraya nizamnamə kapitalı qoysun. Nizamnamə kapitalı ondan ötrü olmalıdır ki, əgər depozit qoyursa, sabah depoziti qaytara bilməsə, dövlətin üzərinə bu məsuliyyət düşməsin. Bəzi ölkələrdə, Türkiyənin özündə də, başqa-başqa ölkələrdə də kommersiya banklarında dövlət özü zəmanət verir. Çünki onlar elə sistem əsasında qurulur ki, əgər o bank bankrot olursa, dövlət vətəndaşın hüququnu qoruyur və müdafiə edir.
Təbii ki, bizdə də bank sistemində qorunan vəsaitlər var. Bax bu depozit məsələsi. İndi mən valyutadəyişmə məntəqəsi açmışam. 100 min dolları 100 min manata dəyişirəm, gətirirəm, vətəndaşa satıram, oradan 3–5 faiz qazanıram, aparıb özüm üçün və ya ailəm üçün sərf eləyirəm. Burada əlavə depozit kiçik miqdarda ola bilər. 1000 manat, 1500 manat, 2000 manat. Çünki bu, həftəlik və gündəlik olan şeydir. Əgər bir gün mən gətirib dəyişə bilmirəmsə, vermirəmsə, qaytarmıramsa, yaxud da dəyişəndə hər hansı bir kələk gəlmişəmsə, bu da məhkəmə qaydasında müəyyənləşibsə, mövcud olan müəyyən faizdən bunu çıxmaq olar. Qalan hallarda valyutadəyişmə məntəqəsində böyük miqdarda depozit ola bilməz. Depozit bankda ola bilər. Nizamnamə kapitalında ola bilər. Onda göysatana da depozit qoyaq ki, göyü birdən düzgün satmaz və bazarkom da desin ki, mənim yanımda pul saxla, vətəndaş zəhərlənsə, mən buradan götürüb verəcəyəm. Alma satana da həmçinin. Bu cür nizamnamə metodu yoxdur axı. Heç olmasa, bir təcrübədən öyrənsinlər və insanlara düzgün izah eləsinlər ki, insanlar bunu başa düşsünlər. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Əli Məsimli.
Ə.Məsimli. Çox sağ olun, cənab Sədr. Müzakirə olunan qanun layihəsində bir neçə vacib məqam var. Onları qeyd eləmək istərdim. Məndən əvvəl deputat həmkarlarım haqlı olaraq lisenziya məsələsini qaldırdılar. Hesab edirəm ki, lisenziya məsələsi kifayət qədər aydın olmalıdır. Həm də asan olmalıdır ki, insanlar həmin lisenziyanı asanlıqla ala bilsinlər. Yəni qayda-qanuna əməl eləməyi bacaran adamlar alsınlar.
İkinci, depozit məsələsi qanunda 50 min dollar yazılmışdı. Həmin adamın 50 min dolları varsa, niyə o qədər dolanbaclardan keçməlidir, “qara bazar” çox sərbəst surətdə gedir və o da “qara bazar”a gedər, çox yaxşı da qazanar. Əgər bunu sivil formaya salmaq istəyiriksə, burada depozit, yaxud da girov simvolik xarakter daşımalıdır ki, iş getsin.
Bir də ki, Oqtay müəllim, valyutadəyişmə işi servisdir. Servisi bu qədər mürəkkəbləşdirməyə ehtiyac yoxdur. Ona görə də belə bir məntiqi sual yaranır. Niyə bir il bundan qabaq bu valyutadəyişmə məntəqələri bağlanmışdı? Növbəti sual. Bağlanmışdısa, niyə indi təzədən açırlar? Əgər arxasında depozit olmayanda əlavə nə isə alacaqsa, valyutadəyişmə məntəqəsini açan kimi alış qiyməti ilə satış qiymətinin arasında dünya təcrübəsində görünməyən fantastik bir fərq qoyacaqdır. Kimə isə nə isə vermişdisə, oradan onu qazanmağa başlayacaqdır. Bəs o kimin cibindən çıxacaq? Aydındır ki, adi vətəndaşların cibindən çıxacaq, təzədən vətəndaşlardan əlavə vəsaitin qoparılması vasitəsi olacaq. Ona görə hesab edirəm ki, əgər belə valyutadəyişmə məntəqələrinin həyata keçirilməsindən söhbət gedirsə, burada optimallaşmadan danışılmalıdır. Çünki bütün dünyada bu, bankların nəzdində fəaliyyət göstərir. Orada qeyd olunur, məsələn, poçtlarda, əgər buna turistlərə xidmət kontekstindən yanaşsan, mütləq hava limanlarında, dəmiryolu vağzalında, avtovağzalda, otellərdə olmalıdır və optimal surətdə yenidən qurulmalıdır. Belə formada qurulsa, bu həm də beynəlxalq təcrübəyə uyğun bir variant olar.
Eyni zamanda, bu valyutadəyişmə məntəqələrinin bağlanması minlərlə insanın, haradasa yazırlar, 6 minə qədər insanın işinin itirilməsinə gətirib çıxarıb. Bu da yeni iş yerlərinin açılması baxımından əhəmiyyət kəsb edir. Amma ondan da əhəmiyyətli bir məqam var. Hələ manatın ətrafındakı o risklər getməyib. Əgər bank bugünkü siyasətinə davam edəcəksə, çox təəssüflər olsun ki, biz yenə 2015-ci ilin 21 fevralına gedib çıxa bilərik. Belə hallar olsa, valyutadəyişmə məntəqələri yenə də öz davranışları ilə bütövlükdə Azərbaycanın maliyyə sisteminə zərbə vuracaqlarmı? Ona görə də burada işlək nəzarət mexanizminin olmasını vacib hesab edirik.
Ən vacib məsələlərdən biri isə, Oqtay müəllim, “qara bazar” məsələsidir. Bu, Azərbaycanın imici ilə bağlı olan bir məsələdir. Mən arzu edərdim ki, elə bir optimal variant qurulsun ki, Azərbaycanda bu “qara bazar”, valyuta bazarı aradan qaldırılsın, əlbəttə, bunu tamamilə aradan qaldırmaq mümkün deyil. İnkişaf etmiş ölkələrin özündə də gedib rəsmən valyuta dəyişəndə kim isə yanında dayanır ki, bir balaca aşağı faiz ilə mən verirəm. Ona görə də tam mümkün olmasa da, xaotik formada olan bu “qara bazar”ın aradan qaldırılması istiqamətində olsun. Çünki valyutadəyişmə məntəqələrinin bağlanması gətirib ona çıxardı ki, bir tərəfdən böyük narazılıqlar, narahatçılıqlar yarandı, digər tərəfdən isə həmin valyutadəyişmə məntəqələrində işləyənlərin hamısı “qara bazar”a getdi. İndi onları “qara bazar”dan qaytarmaq mümkün olacaqmı?
Axırıncı məsələ. “Qara bazar”da alış ilə satış arasındakı fərq insaflıdır. Amma banklardakı alış ilə satış arasındakı fərq dünya təcrübəsində görünməyən dərəcədə insafsızcasınadır. Banklar indi kredit verə bilmədiklərinə görə əsas qazancı oradan götürməyə başlayacaqlar. Bu da insanlar üçün əlavə xərcdir. Hesab edirəm ki, bunların hamısını yığışdırmaq lazımdır. Sivil bir bazar münasibəti çərçivəsinə salmaq lazımdır. Diqqətinizə görə təşəkkür edirəm. Sağ olun.
Sədrlik edən.  Bu qanunun da məqsədi odur ki, sivil şəkildə olsun. İki min dənə valyutadəyişmə məntəqəsi olmasın, olsun min dənə. Amma normal işləyən məntəqələr olsun. Qanun ona görə qəbul olunur. Hər şeyi birdən-birə 100 faizlik edə bilmirsən ki. Səhvlərlə, işlərlə hər şey tənzimlənir, görülür. Dünya təcrübəsi öyrənilir. Dünyanın elə ölkələri var ki, valyutadəyişmə məntəqəsi yoxdur, yalnız banklardadır. Yəni bu məsələlərin hamısı ölçülüb-biçilib və mənim dediyim odur ki, artıq əvvəlki kimi minlərlə valyutadəyişmə məntəqəsi olmayacaq. Millət biləcək, xalq biləcək. Sən deyən kimi, avtovağzal kimi yerlərdə valyutadəyişmə məntəqələri olacaq. Amma daşın dalında bir dənə də valyutadəyişmə məntəqəsi olmayacaq. Yadınıza salın, görün, valyutadəyişmə məntəqələri haralarda var idi. Daha doğrusu, haralarda yox idi. O məntəqələrin çoxu da başqa işlər ilə məşğul idi. Ancaq artıq valyutadəyişmə məntəqəsi insanların gözü qabağında olanda hamı biləcək ki, valyuta dəyişən yer var. Bu məsələlər öz həllini tapacaq. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli həmkarlar, əlbəttə, burada qeyd olunduğu kimi, qanun layihəsi cəmiyyət tərəfindən alqışlanır və müsbət qarşılanır. Çünki burada deyildi, biz Avropa ölkələrinin çoxunda yalnız bank sistemi vasitəsi ilə valyuta mübadilələri görmüşük. İndi peşəkar iqtisadçılarımız, maliyyəçilərimiz oturub daha dəqiq təhlillər verə bilərdilər ki, gerçəkdənmi bir il əvvəl bu mübadilə məntəqələrinin bağlanması maliyyə sabitliyinə müsbət təsir elədi. Bu haqda, açığı, ikili fikirlər var. Çünki belə hesab olunur ki, o ajiotajı yaradan qətiyyən həmin məntəqələr deyildi. Düşünürəm ki, medianı izləyənlər yaxşı xatırlayırlar ki, Beynəlxalq Bankla bağlı Maliyyə Nazirliyi rəsmi açıqlama yaydı ki, oradan çıxarılan vəsait 5 milyard manatdan artıqdır. Belə olan halda, məncə, mübadilə məntəqələrini döymək, bütün prosesin günahını onlarda görmək də yanlış idi. Amma bütün hallarda artıq buna qayıdılırsa, dediyimiz kimi, bunu hər birimiz alqışlamalıyıq.
Maddələr ilə bağlı məsələyə toxunacağam. İstəyirəm, burada valyuta kursu ilə bağlı bizi narahat edən bir məqamı qeyd eləyim. Məsələn, dərman bazarı ilə bağlı dövlət çox humanist mövqedən çıxış etdi. Baxmayaraq ki, bazar iqtisadiyyatının şərtləri var, bu prosesdə bir tənzimləmə apardı. Çox gözəl. Apteklərdə dərmanların qiymətinin sıçrayışla dəyişməsinə vətəndaş etiraz edirdi və haqqı da var idi. Bunun da iqtisadi əsaslandırılmasını istəyirik. Valyuta da, manat da əmtəədir. Xatırlayırsınızsa, təxminən 3 ay bundan öncə manatın dollar kursu 1.92-ə çatdı. Bir günün içində də qayıdıb əvvəlcə 1.82 və ya 1.72-ə düşdü. Heç yerdə bununla bağlı rəsmi bir izahat verilmədi. Adamda belə bir təsəvvür yaranır ki, bu kurs kabinetdə müəyyənləşir. Halbuki Bakıda valyutalararası birjanın mövcud olduğu deyilir. Mən bir neçə bank sektorunun təmsilçilərindən soruşmuşam ki, siz Allah, rəsmi deyilənləri bir qırağa qoyun, mənə real deyin, siz gəlirsiniz ora, ehtiyaclarınızı bildirirsiniz, bu məbləğlər müəyyənləşir, pulun hərracı keçirilir və nəhayətdə məzənnə formalaşır. Proses beləmi gedir? Deyirlər, xeyr. Özün də fikirləşirsən ki, bəs belə olan təqdirdə bu tənzimlənən üzən məzənnə rejimi nə anlama gəlir? Bunun gerçək həyat ilə bağı varmı, yoxmu? Ona görə bir daha söyləyirəm. Biz dərman bazarında bu proses gedəndə sürətlə müdaxilə edirik, haqlı olduğumuzu sayırıq. Amma belə çıxır ki, manatın kursu dünyadakı kimi hələ çox belə oynaya bilər və bu, iqtisadi əsaslandırılandır, qəbul olunandır. Mən düşünürəm ki, bu məsələ düzgün deyil.
Burada başqa bir problem qeyd olundu. Maddələr ilə bağlı məsələyə toxunmaq istəyirəm. 3-cü bənddə qeyd olunub ki, nağd qaydada aparılır.  Bir tərəfdən də deyirik ki, əməliyyatların böyük əksəriyyətini artıq qeyri-nağd formada həyata keçirəcəyik. Mən vətəndaşam, gəlmişəm, deyirəm ki, mənim bu pulumu xırdalayın və sonra da onu mənim, sadəcə, hesabıma qoyun. Belə çıxır ki, bu, cinayət sayılmış kimi qəbul olunacaq?
O cümlədən 9-cu bəndə diqqətinizi cəlb eləmək istəyirəm. Gəlirlər və xərclərin uçotunun aparılması haqqında maliyyə nəzarəti orqanına hesabat verir. Niyə? Nə səbəbə? Əgər vergi ilə bağlı ödəyici kimi qəbul olunursa, bunun hesabatını o quruma verəcək. Statistikanı, ümumi dövriyyəni bilmək istəyirlərsə, bu başa düşüləndir. Amma bunun gəlirlərinin və xərclərinin maliyyə nəzarəti orqanına nə aidiyyəti var, nə dəxli var?
Burada girov ilə bağlı məsələ deyildi. Mən, əlbəttə, əmin olmaq istəyirəm. O qurum haqqında da çox müsbət fikir söyləmək istəyirəm ki, Rüfət Aslanlı kifayət qədər istedadlı maliyyəçidir. Bir çoxları fərqli düşünsə də, onlara hörmət ilə yanaşıram. Amma bunu burada qeyd eləmək istəyirəm ki, 500 manat lisenziyadan başqa burada çirkli vasitələr olmayacaqdır. Buna əmin olduğumu bildirmək istəyirəm. Həmkarım Siyavuş Novruzov da dedi, bu girovun məbləğini kim və necə müəyyənləşdirir? Ümumiyyətlə, biz rüsumlar ilə bağlı bu müəyyənləşmənin iqtisadi əsaslandırılmasını indiyə qədər aparmırıq. Kim müəyyənləşdirir bunu, hansı prinsip ilə olacaqdır? Ona görə düşünürəm ki, komitə bu iradları, təklifləri bir daha qanunvericilik hüququnun subyekti ilə dəqiqləşdirməlidir. Amma mən bu sənədə səs verəcəyəm. Sağ olun.
Sədrlik edən.  Sağ olun. Yevda Abramov.
Y.Abramov. Təşəkkür edirəm, Oqtay müəllim. Bu qanun layihəsində olan dəyişiklik barədə artıq mediada, televiziyada bir sira fikirlər söylənib. Mən, sadəcə olaraq, Nazirlər Kabinetinin hesabat yığıncağının stenoqramına baxdım. Yəqin ki, Oqtay müəllim, Sizin gözəl yaddaşınız var. Mən o hesabatda valyutadəyişmə məntəqələrinin ləğvinin düzgün olmadığını dəlillərlə göstərdim. Amma çox təəssüflər olsun, sonradan bir sıra deputatlar da mənim o fikirlərimi bəyənmədilər. Mən onlara da hörmət ilə yanaşıram. Parlamentdə belə olmalıdır. Fikir plüralizmi olmalıdır. Amma bu gün çox sevinirəm və cənab Prezidentə, hökumətə, Sizə, Oqtay müəllim, minnətdaram. Bu qanun dəyişikliyini bu salona gətirməkdə əməyi olan hər bir insana öz minnətdarlığımı bildirirəm. Nəyə görə? Əvvəla, o dəyişiklik Azərbaycana heç bir xeyir vermədi. Əksinə, “qara bazar”ı öldürmək üçün nəzərdə tutulan bu məsələ “qaş düzəltmək əvəzinə vurub gözü də çıxartdı”, yəni bahalaşma oldu. Valyutadəyişmə çətinləşdi. Bir sıra rayonlarda küçələrdə valyuta dəyişən insanları polis məntəqələrinə apardılar, incitdilər. Mən də dönə-dönə dedim ki, bunlar bizim xeyrimizə işləmir.
Bu gün həm Siyavuş müəllimin o gözəl çıxışı, həm də Vahid müəllimin, Əli müəllimin iqtisadçı kontekstindən çıxışları da göstərdi ki, burada insanların və təşkilatların maraqları üst-üstə düşür. Mən ayrı-ayrı hissələrdə durmaq istəmirəm. Niyə burada girov olmalıdır? Bu girovu iki icra orqanı öz aralarında müəyyənləşdirə bilmir. Bəyəm elə əvvəlki varianta qayıtmaq olmaz? Əvvəlki variantda Azərbaycan büdcəsinə bir ziyan dəyirdi? Xeyr. Düzdür, sayını azaltmaq lazımdır, Oqtay müəllim. Mən Sizin gətirdiyiniz arqument ilə razıyam. Bunun sayını azaltmaq lazımdır. Amma 6 min insan buradan çörək yeyirdi, təcrübə qazanırdı. Mən o vaxt çıxışımda da dedim ki, dünyanın heç bir ölkəsində belə sərbəst valyuta dəyişmirlər. Mən Mixail Yuryeviç ilə Romada dollar dəyişəndə pasportsuz bizi içəri buraxmadılar. Nə olsun? Qoy dəyişsinlər, vergi ödəsinlər. Dövlət büdcəsinə xeyir versinlər. Onsuz da xeyri görən insanlar oldu. Məndə o qədər məktub var, telefon zəngləri gəlib ki.
Oqtay müəllim, mən, düzdür, tənqid edəndə bəzi insanlar qıcıqlanırlar ki, mən kimə isə qərəzlilik edirəm. Sahil qəsəbəsinin keçmiş valyutadəyişmə məntəqəsində işləyən adamlar bu gün öz şəxsi evlərində dollar dəyişirlər. Novxanı, Bilgəh və Mərdəkanda öz villalarında yaşayan bank işçiləri evlərində gecə qəza xidməti maşınlarında çantalarla dollar dəyişiblər. Niyə? Bunu elə məntəqələrdə dəyişib dövlətə xeyir verə bilməzdikmi? Ona görə mən bu qanunu alqışlayıram. Vaxtında gətirilmiş qanundur. Mən xahiş edərdim, Oqtay müəllim, əgər mümkünsə, bu İslam Həmrəyliyi Oyunlarına qədər bunun qüvvəyə minməsinə hamımız kömək edək. Aeroportlarda da, avtovağzallarda da belə məntəqələr açılsın, bazar günləri də işləsin. Babalarımızın, nənələrimizin “sandıq pulu” var, dəfn gününə hazırladığı pul var, xalq çaşıb qalıb ki, bunu hansı valyutada saxlasın. Azərbaycan milli manatında, yoxsa ABŞ dollarında. Oyun oynadırlar, fırladırlar bunları. Əslində, bizi, xalqı fırladırlar. Bir il, iki il, üç il insan öz iştahasını pozanda nə olarmış. Qoy bir düzəngaha çıxaq, azadlığa çıxaq. Cənab Prezident gecə-gündüz əlləşib-vuruşur, islahatlar edir. Məmur yoldaşlarımız isə işi çətinliyə salırlar. Mən, düzdür, emosional danışıram, danışmaya da bilmirəm. Mən bu qanunu alqışlayıram, buna ikiəlli, ikibarmaqlı səs verəcəyəm, Oqtay müəllim. Çox sağ olun, təşəkkür edirəm.
Sədrlik edən. 3 nəfər millət vəkili qalıb. Təkid edən var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yoxdursa, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.46 dəq.)
Lehinə 90
Əleyhinə 3
Bitərəf 1
Səs vermədi 1
İştirak edir 95
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Əgər etiraz eləmirsinizsə, fasiləsiz işləyək. Etiraz yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Altı məsələ qalıb. Ziyad müəllim, 30 və 31-ci məsələlərin ikisini bir yerdə təqdim elədiniz, elədirmi?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda xahiş edirəm, 30-cu məsələyə münasibət bildirək. 

Səsvermənin nəticələri (saat 13.47 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 90
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.

Lisenziyalar və icazələr haqqında 31-ci məsələyə də münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.47 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 89
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
32-ci məsələ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda dəyişikliklər edilməsi barədədir. Ziyad müəllim, buyurun.
Z.Səmədzadə. Çox sağ olun, Oqtay müəllim. Cənab Sədr, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Qanunun tətbiqi ilə əlaqədar olaraq hazırlanmışdır. Qanunun 8.0.10.2-ci maddəsində “yaşayış evləri” sözlərindən sonra “və digər tikinti obyektləri” sözlərinin də əlavə edilməsi nəzərdə tutulub.
Digər bir dəyişiklik sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsi ilə bağlıdır. Belə ki, indiyədək yalnız məlumatın verilməsi nəzərdə tutulurdusa, hazırda təklif olunur ki, məlumatın hansı formada təqdim olunması da qanunda əks olunsun. Təklifə əsasən tikintinin başa çatması barədə məlumat “sifarişli poçt göndərişi ilə və ya bilavasitə” təqdim edilə bilər. Millət vəkillərindən qanun layihəsinə səs vermələrini xahiş  edirəm. 
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.49 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 90
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti 33-cü məsələ “Dərman vasitələri haqqında” Qanunda dəyişiklik edilməsi barədədir. Buyurun, Əhliman Əmiraslanov.
Ə.Əmiraslanov, Milli Məclisin Səhiyyə komitəsinin sədri.
Çox hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri! “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə 8-ci bəndin əlavə edilməsi təklif olunur: “Normativ hüquqi aktların, o cümlədən texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən, keyfiyyətsiz, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş dərman vasitələrinin satışı, satış məqsədi ilə saxlanması və ya idxalı qadağandır”. Xahiş edirəm, bu dəyişikliyə səs verəsiniz.  Təşəkkür edirəm.
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.51 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 90
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi. 
“Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Qanunda dəyişiklik edilməsi barədə. Əhliman müəllim, buyurun.
Ə.Əmiraslanov. Hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri! Əgər icazə versəniz, 33 və 34-cü məsələləri bir yerdə müzakirə eləyək.  Hər iki dəyişiklik gözün buynuz qişasının ölkəyə transplantasiya məqsədi ilə idxalına aiddir. Bu məsələ uzun illər bundan öncə və son dövrlərdə də həm plenar iclasımızda, həm də komitə iclasında bir neçə dəfə müzakirə olunub. Söhbət dünyada mövcud olan transplantasiya banklarından gözün buynuz qişasının Azərbaycana idxal olunmasına qoyulmuş qadağadan gedir.
Ölkədə belə əməliyyatlara ehtiyacı olan kifayət qədər xəstə var. Bugünkü son statistik məlumatlar göstərir ki, 3000-dən çox xəstə belə transplantantları gözləyir. Bunun Azərbaycana gətirilməsində böyük problemlər var idi. Biz bu məsələ ilə əlaqədar Milli Məclisin Səhiyyə komitəsində işçi qrupu yaratdıq. Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə birgə məsləhətləşmələr apardıq. Bizim komitənin iclasında bu məsələlər son dərəcə geniş müzakirə olundu və bu dəyişikliklərin Milli Məclisin plenar iclasına təklif olunması tövsiyə edildi. Bu gün də bu iki dəyişikliyi Milli Məclisin plenar iclasına təklif edirik. Bu dəyişikliklər nədən ibarətdir? “Mülki dövriyyədə olmasına yol verilməyən əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakı dəyişiklik təklif olunur. Qanunun  12-ci maddəsində “toxumaları” sözündən sonra “(gözün buynuz qişası istisna olmaqla)” sözlərinin əlavə edilməsi təklif olunur.
Digər düzəliş isə “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən əşyaların siyahısı haqqında” Qanuna edilir. Buraya 19-cu maddənin əlavə edilməsi təklif olunur. 19-cu maddə “Gözün buynuz qişası” adlanır. Bu dəyişiklikdə isə məqsəd ondan ibarətdir ki, müvafiq icra hakimiyyəti orqanı gözün buynuz qişasının Azərbaycana gətirilməsinə icazə verməlidir. Bu gün Azərbaycanda bu əməliyyatların həyata keçirilməsi üçün həm maddi-texniki imkanlar, həm də kadr potensialı var. Əgər belə bir icazə olsa, mən hesab edirəm ki, uzun illərdir bu transplantasiyanı gözləyən xeyli miqdarda xəstəmizdə bu əməliyyatı Azərbaycanda həyata keçirmək mümkün olacaq. Bununla da bu xəstələrin Azərbaycandan kənarda əməliyyat olunmalarına ehtiyac qalmayacaq. Təşəkkür edirəm.  
Sədrlik edən. Çox sağ olun. 34, 35-ci məsələləri bir yerdə müzakirə edirik. Qənirə Paşayeva.
Q.Paşayeva. Sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Cənab Sədr, mən ilk öncə Sizə və Əhliman müəllim başda olmaqla üzv olduğum Səhiyyə komitəsinə təşəkkür etmək istəyirəm, çünki çox vacib bir məsələ öz həllini tapır. Əhliman müəllimin vurğuladığı kimi, bu, 3000 növbə gözləyən insanın probleminin həlli deməkdir. Qanunvericilikdə bu dəyişikliyin öz əksini tapması ölkəmizdən xaricə üz tutan yüzlərlə Azərbaycan vətəndaşının xaricə getmədən ölkəmizdə bu əməliyyatları etdirə bilməsi üçün geniş imkanlar yaradır. Oqtay müəllim, gözün buynuz qişası da toxumalara aiddir.
Bu məsələnin müzakirəsi zamanı eyni mövzuda olduğu üçün bir məsələni də xahiş etmək istərdim. Çox istərdim ki, hörmətli Rəşad müəllim Mahmudov da bununla bağlı fikirlərini söyləsin. Çünki hər gün bu sahədə əməliyyatları həyata keçirir və bu sahədə problemləri bizim hamımızdan yaxşı bilir. Söhbət ondan gedir ki, bizdə ürəyin qapağının infeksiyalaşması əməliyyatları, endokarditlər, uşaqlarda mürəkkəb ürək əməliyyatları zamanı da toxumalara ehtiyac olur. Ürək qapaqlarına, “hemoqriflər” deyilən toxumalara ehtiyac olur. Qapaqlar və damarlara ehtiyac olur. Bunlar da toxumalar hesab olunur. Amma bunlar da, təəssüf ki, bu siyahıya aid olmadığına görə bu istiqamətdə də sıxıntılar var. Yəni bu gün ölkəmizdə ürək əməliyyatları yüksək peşəkarlıqla keçirilir. Cənab Prezidentin rəhbərliyi altında böyük “Ürək Mərkəzi” açıldı. Bu gün ölkəmizdə ürək sahəsində ən mürəkkəb əməliyyatlar belə həyata keçirilə bilər. Ona görə yaxşı olardı ki, ürək əməliyyatları üçün lazım olan toxumaları da buraya daxil edək. Bunları da xarici ölkələr satır, yəni rəsmi şəkildə həyata keçirilən prosesdir. Müxtəlif ölkələr bunları idxal edirlər. Ona görə biz bu siyahıya ürək əməliyyatları, oynaq əməliyyatları üçün lazım olan toxumaları da daxil etsək, bunun üçün də işlər başlansa, yaxşı olardı. Bu, ürək transplantasiyasının, eləcə də oynaqlarda gedən mürəkkəb əməliyyatların daha geniş ölçüdə aparılmasına imkan verərdi və vətəndaşlarımız da xarici ölkələrə üz tutmazdı.  Sağ olun.
Sədrlik edən. Hələ qoyun bu qanunu qəbul edək, sonra,– Səhiyyə komitəsindəsiniz,– məsələ qaldırın, komitədə işləyin, baxarıq. Fuad Muradov.
F.Muradov. Çox sağ olun, Oqtay müəllim, təşəkkür edirəm. Əslində, komitəyə də təşəkkür edirəm və inanıram ki, bu dəyişikliklər vacib dəyişikliklərdir, biz bunu dəstəkləyəcəyik. Amma yanaşma olaraq, –mən bu sahədə mütəxəssis deyiləm, – mən başa düşürəm ki, bu, məsələnin bir tərəfidir, yəni gözlə bağlı olan, transplantasiya üçün lazım olan bir istiqamətdir. Amma böyrək, ürək, qulaq, başqa istiqamətlər də var. Əgər yanaşma bundan ibarətdirsə ki, insanlar gözləyir, bu da insanlar üçün vacib olan məsələdir. Gözlə ürəyə fərq qoymamalıyıq. Yəqin, bu, gələcəyin məsələsidir. Amma bir çox qanunları müzakirə eləyəndə, Oqtay müəllim, Siz də vaxtında müdaxilə eləyirsiniz, biz də onları daha geniş surətdə cəmiyyətə təqdim edirik. Bu, o məsələlərdən biridir. Burada mən məntiqi başa düşə bilmirəm. Nəyə görə gözün  buynuz qişasını gətirmək olar, ürək üçün lazım olan və ya digər istiqamətlər üçün lazım olan vacib orqanları gətirmək olmaz? Əgər gətirmək olarsa, biz bunu elə etməliyik ki, hər istiqamətdə işləsin. Əgər bu xüsusi yanaşmadırsa, biz başa düşməliyik ki, nəyə görə bu xüsusi yanaşmadır. Çünki burada 3000 insan gözləyir. Ürəyi gözləyənlər bəlkə ondan da çoxdur, böyrəyi gözləyənlər bəlkə daha da çoxdur.
Bayaq da mən söz istəyirdim, Oqtay müəllim, ona görə icazə versəniz, bir kəlmə də deyərəm, yəni yanaşmadan danışmaq istəyirəm. Vaxtilə dövlətçilik naminə islahatlar gedirdi, cənab Prezidentdən operativ olaraq qanunlar gəlirdi, biz də onların hamısına baxırdıq. Amma bundan qabaqkı “Valyuta tənzimi haqqında” Qanuna baxanda biz görürük ki, artıq o vaxt keçib, qaçaqaça ehtiyac yoxdur. Amma palatanın təqdim elədiyi qanunlar yenə də öz səlahiyyətlərini qaldırmaq istiqamətindədir. Burada heç kimin şübhəsi yoxdur ki, dövlətçiliyə, cənab Prezidentə sədaqətli insanlarıq, bütün həyata keçirilən islahatları dəstəkləyirik, amma biz də istəyirik ki, bura gələn sənədi müzakirə eləyən zaman hər dəfə Sizdən xahiş edirik, Oqtay müəllim, Siz də müdaxilə edirsiniz, çox sağ olun, amma bunu işçi qaydasında həll eləmək lazımdır. Həmin misaldan biri də budur. Əgər biz bu gün liberallaşmadan danışırıqsa, ümumiyyətlə, ölkədə yeni istiqamətlər fəal surətdə tətbiq olunur, biz nəyə görə hər hansı bir istiqaməti ayırıb onu qanun şəklinə salmalıyıq? Təşəkkür edirəm, bu, ümumi bir fikir idi, Oqtay müəllim, çox sağ olun.  
Sədrlik edən. Əhliman müəllim, cavab vermək istəyirsiniz? Buyurun.
Ə.Əmiraslanov. Təşəkkür edirəm. Ümumiyyətlə, bu orqan və toxumaların ölkəyə gətirilməsi barədə olan məhdudiyyətlərin də əsası var. Mən hesab edirəm ki, vaxt gələcək, gözün buynuz qişasının da, orqanizm üçün lazım olan digər transplantantların hamısının da Azərbaycanda bankı yaranacaq və o vaxt bunların heç birisini Azərbaycana gətirməyə ehtiyac olmayacaq. Bu gün niyə deyirik ki, bunları gətirək. Çünki Azərbaycanda bu gün orqan transplantasiyası bankı yoxdur. Bu istiqamətdə işlər gedir. Mən əminəm ki, yaxın bir vaxtda özümüz Azərbaycanda xəstələrimiz üçün lazım olan toxuma və transplantantların bankını yarada biləcəyik və xəstələri lazım olan transplantantlarla təmin edəcəyik. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, gündəliyin 34-cü məsələsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.01 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 92
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Gündəliyin 35-ci məsələsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.02 dəq.)
Lehinə 85
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 85
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Bugünkü gündəliyin sonuncu məsələsi Daşınar əmlakın yüklülüyü haqqında qanun layihəsidir. Mən iki cümlə deyəcəyəm. Bu qanunun qəbul edilməsinin Azərbaycanın dünyada kredit reytinqinin artırılmasına təsiri var. İkincisi də maliyyə dövriyyəsinin fəallığının artırılmasına çox böyük xeyri var. Bu layihəyə komitələrdə də baxmısınız. Buyurun, Ziyad Səmədzadə, sonra müzakirələrə başlayarıq.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Artıq bu qanun layihəsinin əhəmiyyəti barədə Oqtay müəllim yığcam fikrini açıqladı. Həqiqətən, Azərbaycanda müstəqillik əldə edildikdən sonra ölkədə yeni iqtisadi sistem formalaşmışdır. Bu yeni iqtisadi sistemin formalaşmasını müəyyən edən amillər içərisində mülkiyyət münasibətləri mühüm yer tutur. Məhz respublikada qanunvericilik bazasının möhkəmləndirilməsi, özəl sektorun yaranması, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yaranması və ona daşınmaz əmlakın idarə edilməsi, istifadəsi ilə bağlı hüquqların verilməsi Azərbaycanda beynəlxalq standartlara uyğun olaraq mülkiyyət münasibətlərinin formalaşmasını təmin etmişdir.
Daşınmaz əmlakla əlaqədar olaraq bizdə kifayət qədər qanunvericilik bazası var və mən deyim ki, qanunvericilik bazasının olması Azərbaycanda sahibkarlıq sinfini formalaşdırmış, pul-kredit-bank siyasətinin tətbiqinə əməli imkan vermişdir. Daşınar əmlak haqqında qanun layihəsi ilk dəfədir, Milli Məclisin müzakirəsinə verilir, kifayət qədər mürəkkəb, lakin çox zəruri bir layihədir. Onun anlayışı haqqında indiyə qədər beynəlxalq ədəbiyyatda, digər elmi ədəbiyyatda mübahisələr gedir. Daşınar əmlakla daşınmaz əmlakın qısa fərqliliyini bir sıra iqtisadçılar, mütəxəssislər belə müəyyən edirlər ki, torpaqla bilavasitə bağlı olan əmlak daşınmaz əmlakdır. Torpaqdan kənarda olan, – buraya pullu kağızları da daxil etmək olar, – daşınar əmlakdır.
Daşınar əmlakın yüklülüyü haqqında qanunun olması  Azərbaycan cəmiyyətinə, Azərbaycanın bank sisteminə, maliyyə sisteminə nə verə bilər? İlk növbədə pul-kredit siyasətinin tərkib hissələrindən biri olan kreditlərin verilməsi prosesində yeni bir istiqamət yaranır. Dünyanın əksər aparıcı ölkələrində artıq bu qanunun tətbiqi ilə əlaqədar olaraq fikirlər söylənilir. Dünən biz Milli Məclisin komitəsində kifayət qədər ətraflı müzakirələr apardıq. Ondan qabaq mütəxəssislərlə söhbət etmişdik. Etiraf eləyim ki, çox mürəkkəb qanundur, lakin onun vacibliyi barədə artıq Siz dediniz, Oqtay müəllim, kifayət qədər də məsləhətlidir. Məqsəd ondan ibarətdir ki, ölkədə kiçik və orta sahibkarlıq inkişaf etsin, əhalinin maliyyə resurslarına çıxışları artırılsın və bu zaman girov qismində daşınar əmlaklar üzərində tələb hüquqlarının qorunması amilindən də istifadə edilsin.
Qanun 6 fəsil, 29 maddədən ibarətdir. Qanun layihəsində anlayışlar, qanunun tətbiq etdiyi qanunvericilik, yüklülüyün predmeti, daşınar əmlakın yüklülüyünün növləri, daşınmaz əmlakın ləvazimatına üstünlük hüququ və sair haqqında maddələr verilmişdir. Məqsəd yenə də deyirəm, ondan ibarətdir ki, kredit resurslarına çıxış yaxşılaşsın və bu zaman əhalinin daşınar əmlakından da istifadə olunsun. Bu qanun həmin şəxslərin kredit əldə etmək imkanlarını asanlaşdıracaqdır. Maliyyə resurslarının daha ucuz və uzunmüddətli cəlb edilməsinə şərait yaradacaqdır. Maliyyə çətinliklərinin aradan qaldırılması maliyyə resursu cəlb etməyə imkan vermir. Maliyyə resursu cəlb etmək üçün isə biznesdə pul gətirməyən daşınmaz əmlak amili kənara qoyulub, daşınar əmlakdan istifadə edilməlidir. Məqsəd eyni daşınar əmlak üzrə məhkəmə mübahisələrinin yaranmasını azaltmaqdır. Belə ki, eyni əmlak müxtəlif öhdəliklər üzrə girov qoyularsa, kreditorların bundan xəbəri olmaya bilər və nəticə etibarilə mübahisələr yaranar. Bu məsələlər də qanun layihəsində öz əksini tapmışdır. Onun dövlət reyestrinin aparılması məqsədəuyğun  sayılır, əmlakını girov qoyan şəxsin həddindən artıq borclanmasının qarşısının alınmasında da mühüm rol oynaya bilər.
Biz bilirik ki, banklarda yaranmış problemlərdən biri ondan ibarət idi ki, bir çox bankların məsuliyyətsizliyi, müqavilələrin düzgün formalaşmaması, borcalanların imkanlarının dəqiq yoxlanılmaması üzündən kifayət qədər problemlər yarandı, bu gün də həmin problemlər qalmaqdadır. Bu qanun layihəsində isə həddindən artıq borclanmanın qarşısının alınması istiqamətləri göstərilir. Belə ki, şəxs maliyyə savadlılığının az olması səbəbindən borclarının idarə edilməsini tam dərk etmir. Bu qanun qeyd olunan məhdudiyyətlərlə borcların qorunmasına xidmət edir. Bu barədə kifayət qədər konkret maddələr verilmişdir.
Bütövlükdə mən bildirmək istəyirəm ki, Oqtay müəllim, bu, kifayət qədər zəruri qanundur. Dünənki komitə iclasında millət vəkilləri Vahid müəllim, Əli müəllim, Ağalar müəllim, digər yoldaşlar bilavasitə mənə dedilər ki, qanunun dili çox mürəkkəbdir, sadələşməsinə ehtiyac var. Mən hesab edirəm ki, biz 3–4 gün ərzində təklif edilən dəyişiklikləri konkret olaraq etməyə çalışacağıq. Bütövlükdə daşınar əmlak Azərbaycan iqtisadiyyatı üçün, Azərbaycanın iqtisadi təfəkkürü üçün yeni bir məsələdir. Hesab edirik ki, dünya təcrübəsini, ayrı-ayrı ölkələrdə bu sahədə qazanılmış təcrübəni nəzərə alacağıq. Dünən bizim iclasda səsləndi, Amerika Birləşmiş Ştatları, Kanada, Avstraliya, Albaniya, Sinqapur, Kamboca, Meksika, Rumıniya, Yeni Zelandiya və bir çox ölkələr bu qanunun tətbiqi nəticəsində kifayət qədər müsbət nailiyyətlər əldə etmişlər. Dünən bizim Maliyyə Bazarlarına Nəzarət Palatasının əməkdaşları ilə söhbətimizdə bir əminlik yarandı ki, biz bu çatışmayan cəhətləri aradan qaldıracağıq, qanun layihəsinin müəyyən incəlikləri var ki, onları da təkmilləşdirəcəyik.
Hörmətli Vahid müəllim bayaq burada bir məsələyə toxundu. Təbii ki, burada ayrı-ayrı iqtisadi strukturların maraqları məsələsi də var. Ümumiyyətlə, mən Siyavuş müəllimin, digər həmkarlarımın fikri ilə razıyam ki, biz bu koordinasiya işini təkmilləşdirməliyik. İqtisadi strukturlar arasında əlaqələrin möhkəmlənməsinə çalışmalıyıq. Hesab edirəm ki, yalnız bu halda Milli Məclisə göndərilən qanunlarda o koordinasiya işini əhatə edən göstəricilər daha yaxşı ola bilər. Ona görə mən millət vəkillərindən birinci oxunuş üçün bu qanun layihəsinin qəbul edilməsini xahiş edərdim. Habelə hesab edirəm ki, verilən təkliflər qısa zaman kəsiyində komitə və Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən birlikdə işlənib ikinci, üçüncü oxunuş üçün sizə təqdim ediləcəkdir.
Sədrlik edən. Çox sağ olun, amma orada bir söz işlətdiniz ki, daşınmaz əmlak kənarda qalır, elə daşınar əmlak olur. Daşınmaz əmlak kənarda qalmır, o da bununla paralel gedir.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Mən də hesab edirəm ki, bu qanun layihəsi, həqiqətən, vacibdir. Ancaq bütün millət vəkillərindən xahiş edirəm, kimin ki o qanunda marağı var, qoy ona normal baxsın. Ona görə ki, ayın 2-də buna ikinci, üçüncü oxunuşda bir yerdə baxa bilək. Rafael Cəbrayılov, təkid edirsən çıxışa?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, konseptual baxımdan birinci oxunuşda qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.11 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti iclasımız may ayının 2-də olacaq, sağ olun.

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi