2016-ci il 11 noyabr tarixli iclasın stenoqramı

BEŞİNCİ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
V SESSİYASI İCLASININ

PROTOKOLU № 26

Milli Məclisin iclas salonu.
11 noyabr 2016-cı il

İclasa Azərbaycan Respublikası Milli Məclisinin
Sədri  O.Əsədov  sədrlik etmişdir.

İclasda Milli Məclisin 109 deputatı iştirak etmişdir.

Qeydiyyat (saat 12.14 dəq.)
İştirak edir 102
Yetərsay 83

İclasa dəvət olunmuşdur:

Etibar Əliyev, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisinin müavini.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
2. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
3. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
4. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
5. “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
6. “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
7. “Kommersiya sirri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
8. Azərbaycan Respublikasının 1996-cı il 29 noyabr tarixli  208-IQ nömrəli Qanunu  ilə təsdiq edilmiş “Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
9. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
10. Azərbaycan Respublikasının Meşə Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
11. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
12. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
13. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti  Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
14. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
15. “Ətraf mühitə dair informasiya almaq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
16. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
17. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
18. “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
19. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
20. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
22. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
23. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
24. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
25. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
26. “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Aşağıdakı məsələlər müzakirə edilmişdir:

Gündəlik haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.15 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 104
Nəticə: Qəbul edildi

1. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli, Tahir Kərimli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.19 dəq.)
Lehinə 92
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 95
Nəticə: Qəbul edildi

2. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.20 dəq.)
Lehinə 84
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 85
Nəticə: Qəbul edildi

3. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.20 dəq.)
Lehinə 89
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 91
Nəticə: Qəbul edildi

4. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.23 dəq.)
Lehinə 102
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 103
Nəticə: Qəbul edildi

5. “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.23 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

6. “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.25 dəq.)
Lehinə 101
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

7. “Kommersiya sirri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.25 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

8. Azərbaycan Respublikasının 1996-cı il 29 noyabr tarixli 208-IQ nömrəli Qanunu  ilə təsdiq edilmiş “Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.26 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 105
Nəticə: Qəbul edildi

9. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.26 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 1
İştirak edir 100
Nəticə: Qəbul edildi

10. Azərbaycan Respublikasının Meşə Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Eldar İbrahimov, Elmira Axundova, Fərəc Quliyev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.48 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 104
Nəticə: Qəbul edildi

11. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli, Qüdrət Həsənquliyev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.49 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 103
Nəticə: Qəbul edildi

12. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.49 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 101
Nəticə: Qəbul edildi

13. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.50 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 105
Nəticə: Qəbul edildi

14. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Valeh Ələsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.54 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 104
Nəticə: Qəbul edildi

15. “Ətraf mühitə dair informasiya almaq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.54 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 104
Nəticə: Qəbul edildi

16. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, İsa Həbibbəyli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.57 dəq.)
Lehinə 105
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 105
Nəticə: Qəbul edildi

17. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə, Ziyafət Əsgərov, Vahid Əhmədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.02 dəq.)
Lehinə 95
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

18. “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.02 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 94
Nəticə: Qəbul edildi

19. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.03 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

20. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Ziyad Səmədzadə, Əflatun Amaşov, Çingiz Qənizadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.10 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.11 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

22. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli, Aydın Hüseynov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.16 dəq.)
Lehinə 100
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

23. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyafət Əsgərov, Əli Hüseynli, Şahin İsmayılov, Çingiz Qənizadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.29 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

24. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli, Elmira Axundova, Gövhər Baxşəliyeva

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.44 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

25. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.44 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

26. “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:
  Oqtay Əsədov, Fuad Muradov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.45 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

27. Cari məsələlərin müzakirəsi.

Çıxış etmişlər:  Oqtay Əsədov, Tahir Kərimli, Fərəc Quliyev, Müslüm Məmmədov, Fazil Mustafa, Zahid Oruc, Qənirə Paşayeva


Azərbaycan Respublikası
Milli Məclisinin Sədri
O.ƏSƏDOV

 

MİLLİ MƏCLİSİN İCLASI

11 noyabr  2016-cı il. Saat 12.

Azərbaycan Respublikası  Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir


Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri. Xahiş edirəm, qeydiyyatdan keçəsiniz. 

Qeydiyyat (saat 12.14 dəq.)
İştirak edir 102
Yetərsay 83

Çox sağ olun, yetərsay var.
Xahiş edirəm, gündəliyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.15 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 104
Nəticə: Qəbul edildi

Gündəlik təsdiq edildi, sağ olun.
Əgər müzakirələrə ehtiyac varsa, buyurun, yazılın. Var dedilər, amma yazılan yoxdur. Yazılan yoxdursa, gündəliyə keçirik.
Hörmətli millət vəkilləri, bildiyiniz kimi, gündəlikdə 26 məsələ var. Gündəliyin 1–9-cu məsələləri keçən il qəbul elədiyimiz “Qiymətli kağızlar bazarı” haqqında Qanuna edilən dəyişikliklərlə bağlıdır. Gündəliyin 1-ci, 2-ci və 3-cü məsələləri ilə bağlı Əli müəllim məlumat verəcək. Bunlar Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi ilə bağlı qanun layihələridir. Buyurun, Əli Hüseynli.
Ə.Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri. 
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Cənab Sədrin qeyd etdiyi kimi, Mülki Məcəlləyə, Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə təklif olunan əlavə və dəyişikliklər 2015-ci ildə “Qiymətli kağızlar bazarı haqqında” Qanuna edilmiş dəyişikliklərdən irəli gəlir. Burada hər 3 məsələyə təklif olunan əlavələr “Qiymətli kağızlar bazarı haqqında” Qanunun müvafiq müddəalarındandır. Belə ki, “Qiymətli kağızlar bazarı haqqında” Qanunun 79-cu maddəsi “İnsayderlər” adlanır  və 79.1-ci maddədə qeyd olunur ki, insayderlərə hansı şəxslər aiddir. Onların hər biri həm Mülki Məcəllədə, həm Cinayət Məcəlləsində, həm də İnzibati Xətalar Məcəlləsində öz əksini tapır. Cinayət Məcəlləsi və İnzibati Xətalar Məcəlləsi isə bu sahədə həm inzibati xətaları, həm də cinayət əməllərinə görə sanksiyaları nəzərdə tutur. Sanksiyalarda hər hansı bir dəyişikliklər nəzərdə tutulmayıb, amma dispozisiyalar “Qiymətli kağızlar bazarı haqqında” Qanuna uyğunlaşdırılır.
Bir də qeyd etmək istəyirəm ki, həm Mülki Məcəllədə, həm Cinayət Məcəlləsində, həm də İnzibati Xətalar Məcəlləsində mahiyyət baxımından hər hansı bir yenilik, düzəliş mövcud deyil. Düzəlişlər ancaq “Qiymətli kağızlar bazarı haqqında” Qanunun ifadələrinin adı çəkilən hər 3 qanunda öz əksini tapmasıdır. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Tahir Kərimli.
T.Kərimli. Təşəkkür edirəm. Hörmətli Sədr, mən cari məsələlərlə əlaqədar yazılmışdım. İcazə verirsinizsə, danışım.
Sədrlik edən. Cari məsələlərlə bağlı mən hamıya imkan yaratdım. Yazılan olmadı, ona görə gündəliyə keçdik. Qalsın gələn dəfəyə.
Xahiş edirəm, gündəliyin 1-ci məsələsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.19 dəq.)
Lehinə 92
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 95
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, gündəliyin 2-ci məsələsinə münasibət bildirəsiniz.

Səsvermənin nəticələri (saat 12.20 dəq.)
Lehinə 84
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 85
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, gündəliyin 3-cü məsələsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.20 dəq.)
Lehinə 89
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 91
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Gündəliyin 4-cü məsələsi Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədədir. Buyursun Ziyad Səmədzadə.
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Hörmətli Əli müəllim bu qanun layihəsində baş verəcək dəyişikliklərlə əlaqədar fikirlərini açıqladı. “Qiymətli kağızlar bazarı haqqında” Qanunun 218-ci maddəsində “qiymətli kağızlar bazarının peşəkar iştirakçıları” sözləri “qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər” sözləri ilə əvəz edilir. Millət vəkillərindən xahiş edərdim ki, bu dəyişikliyə öz münasibətlərini bildirsinlər.
5-ci məsələ “İnvestisiya fondları haqqında” Qanunda dəyişiklik edilməsi ilə bağlıdır. Qanun layihəsində nəzərdə tutulmuş dəyişikliklərin əksəriyyəti texniki xarakter daşıyır. Bəzi maddələrdə “gün” sözünün “təqvim günü”, bəzilərində isə “iş günü” ilə əvəz edilməsi təklif olunur. 15-ci maddədə “30 təqvim günü” sözlərinin “15 təqvim günü” sözləri ilə, 18-ci maddədə “broker” sözünün “investisiya şirkəti”nin sözləri ilə, 33-cü maddə “peşəkar iştirakçı” sözlərinin “investisiya şirkəti” sözləri ilə əvəz edilməsi təklif olunur.
28-ci maddədə “təsisçilər” sözü “iştirakçının mühüm iştirak paylarının sahibləri” sözləri ilə əvəz edilmişdir.
36-cı maddədə “təhsil sənədlərinin” sözləri “nizamnaməsinin” sözləri ilə, “qanunvericilikdə nəzərdə tutulmuş qaydada” sözləri notariat qaydasında” sözləri ilə əvəz edilmişdir. Həmkarlarımdan qanun layihələrinə müsbət münasibət bildirmələrini xahiş edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Əgər başqa fikir yoxdursa, xahiş edirəm, 4-cü məsələyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.23 dəq.)
Lehinə 102
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 103
Nəticə: Qəbul edildi

Qəbul edildi, çox sağ olun.
Xahiş edirəm, 5-ci məsələyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.23 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

Qəbul edildi, çox sağ olun.
Ziyad müəllim, qalan 4 məsələ də bu dəyişikliklərlə əlaqədardır. Buyurun.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Qalan 4 qanun layihəsində də dəyişikliklər, əsasən, texniki xarakter daşıyır. Bayaq sadaladığım sözlərin əksəriyyəti bunlara da təklif olunur. “Kommersiya sirri haqqında” Qanunda isə təkcə bir maddəyə əlavə edilir. Bu qanun layihələri millət vəkillərinə paylanıb. Uyğunlaşdırma xarakteri daşıdığı üçün millət vəkillərindən bu qanun layihələrinə də müsbət münasibət bildirmələrini xahiş edərdim. Sağ olun.
Sədrlik edən. Bunlar texniki dəyişikliklərdir. Əgər etiraz yoxdursa, 6-cı məsələyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.25 dəq.)
Lehinə 101
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

Qəbul edildi, çox sağ olun.
Xahiş edirəm,  gündəliyin 7-ci məsələsinə – “Kommersiya sirri haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.25 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

Qəbul edildi, çox sağ olun.
Xahiş edirəm, 8-ci məsələyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.26 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 105
Nəticə: Qəbul edildi

Qəbul edildi, çox sağ olun.
Xahiş edirəm, 9-cu məsələyə – “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.26 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 1
İştirak edir 100
Nəticə: Qəbul edildi

Qəbul edildi, çox sağ olun.
Növbəti beş məsələ – 10–15-ci məsələlər “Yaşıllıqların mühafizəsi haqqında” Qanundakı dəyişikliklərlə əlaqədardır. 10-cu məsələ Meşə Məcəlləsində dəyişiklik edilməsi haqqındadır. Eldar İbrahimov, buyurun.
E.İbrahimov, Milli Məclisin  Aqrar siyasət komitəsinin sədri.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli deputat həmkarlarım! Təqdim olunan layihə Meşə Məcəlləsinin “Yaşıllıqların mühafizəsi haqqında” Qanuna uyğunlaşdırmaq məqsədi ilə hazırlanıb. İcazənizlə layihəyə təklif olunan dəyişikliklər barədə sizə qısa məlumat verim.
Məcəllənin 8-ci maddəsinin dördüncü hissəsində, 12-ci maddəsinin adında və mətnində, 4-cü maddəsinin ikinci hissəsində “ağac-kol bitkiləri” sözlərinin “yaşıllıqlar” sözü ilə əvəz edilməsi, həmçinin 4-cü maddəsinin ikinci hissəsində “habelə” sözündən sonra “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu sözlərinin əlavə edilməsi, 5-ci maddəsindən və 9-cu fəslin adından “ağac-kol bitkiləri” sözlərinin çıxarılması təklif olunur.
Eyni zamanda, “Meşə fonduna daxil olmayan yaşıllıqlar” adlı 7-ci maddə yeni redaksiyada verilir. Bu maddəyə əsasən xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar (bu məcəllənin 74-cü məcəlləsi nəzərə alınmaqla), xüsusi mülkiyyətdə olan həyətyani və bağ sahələrindəki yaşıllıqlar, kənd təsərrüfatı məhsullarının istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər), ümumi istifadədə olan yaşıllıqlar (park, meşə-park, bağ, bağça, bulvar ərazilərində olan və digər yaşıllıqlar), məhdud istifadəli yaşıllıqlar (məhəllədaxili, təhsil və səhiyyə, mədəni-məişət, sənaye müəssisələrinin və digər obyektlərin ərazisində olan yaşıllıqlar), xüsusi təyinatlı yaşıllıqlar (sənaye müəssisələri və kompleksləri ilə yaşayış zonaları arasında, infrastruktur obyektlərinin (magistral dəmir və avtomobil yollarının, enerji kəmərlərinin və obyektlərinin, su kanallarının, digər bu kimi obyektlərin) hüdudlarında salınmış yaşıllıq zolaqları, tingliklər, küçə yaşıllıqları, mühafizə, sanitariya-mühafizə və digər qoruyucu zonalarda, xatirə kompleksləri (xiyabanlar) və qəbiristanlıqlar ərazisində olan və digər yaşıllıqlar) meşə fonduna daxil deyildir.
Məcəllənin 75, 76 və 77-ci maddələri kənd təsərrüfatı təyinatlı torpaqlarda, dəmir və avtomobil yollarına aid torpaqlarda və su fondu torpaqlarında yerləşən ağac-kol bitkilərinə həsr olunmuşdur. Yeni redaksiyada verilmiş 7-ci maddədə bu torpaqlarda yerləşən yaşıllıqlar meşə fonduna aid edilmədiyindən həmin maddələrin ləğv edilməsi təklif olunur. Hörmətli həmkarlarımdan qanun layihəsinin lehinə səs vermələrini xahiş edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Elmira Axundova.
E.Axundova. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən istəyirəm, 10 və 16-cı məsələlərlə bağlı bəzi fikirlərimi sizinlə bölüşüm. Meşə, ağac-kol bitkiləri və digər yaşıllıqların qorunması ilə bağlı müxtəlif qanunvericilik aktlarına təklif edilən dəyişiklikləri müsbət qiymətləndirirəm və onların lehinə səs verəcəyəm. Bu, dövlətimizin bitkilər aləminə olan həssas münasibətinin və yüksək qayğısının əyani göstəricisidir. Abşeronun quraq torpaqlarında ağac və bitkilərin yetişdirilməsinin necə böyük zəhmət və çətinlik hesabına başa gəldiyini nəzərə alsaq, onda bu dəyişikliklər daha böyük aktuallıq qazanır.
Hesab edirəm ki, bu cür hüquqi tədbirlərlə yanaşı, cəmiyyətin özünün ətraf aləmə münasibəti dəyişməlidir. Hazırda insanlarda təbiətə qarşı bir laqeydlik müşahidə olunur. Düşünürəm ki, hər birimiz vətəndaşlıq mövqeyindən çıxış edərək ağac və kolların qırılmasının, yaşıllıqların məhv edilməsinin qarşısını almalıyıq. Bunun üçün ilk növbədə, sosial xarakterli roliklər hazırlanmalı, məktəb yaşlarından maarifləndirmə işlərinə başlanılmalıdır.
İnanın ki, meşələrin, ümumiyyətlə, ətraf mühitin zibillənməsi ölkəmizin bir çox yerlərində əsl bəlaya çevrilməkdədir. Cinayət Məcəlləsi və İnzibati Xətalar Məcəlləsinə nəzər yetirdikdə görürük ki, meşələrin, ağacların qanunsuz kəsilməsinə dair qüvvədə olan müddəalar sərtdir. İndi biz onları bir az da sərtləşdiririk, amma bununla belə, bəzi yerlərdə yaşıllıqların məhv edilməsi prosesi davam edir. Özü də bir çox hallarda bu iş Bakının mərkəzində, sakinlərin gözü qarşısında baş verir.
Biz cəzaları nə qədər sərtlərşdirsək də, ciddi faydası olmayacaq. İlk növbədə, düşüncə tərzimizi dəyişməliyik. Misal üçün, hörmətli nazirimiz Hüseynqulu Bağırovla görüşəndə o bildirdi ki, bu cür şəxslərə qarşı məhkəmədə yüzlərlə iddia qaldırırlar. Hətta nazirlik məhkəmədə qalib gəldikdə belə, təyin olunan cərimələri ala bilmirlər və icra prosesi illərlə uzanır. Odur ki, təkcə cəzaları sərtləşdirməklə problemi həll etmək mümkün olmayacaq.
Bu məsələdə ən böyük iş dövlət orqanlarının üzərinə düşür. Həm yaşıllaşdırma işlərinin aparılması, ağac və kol bitkilərinin əkilməsi, həm də onların qorunması məsələlərində müvafiq qurumlar daha məsuliyyətli olmalıdırlar. Götürək iri tikinti şirkətlərini. Onlar binanı tikməzdən əvvəl ərazidə və onun yaxınlığında olan ağacları kəsirlər. Hətta ciddi cərimə ödəmək müqabilində bunu edirlər. Təkcə tikinti şirkətləri yox,  elə dövlət orqanlarının bəziləri də bunu edir. Məsələn, bir müddət əvvəl Bakının Sumqayıt tərəfdən girəcəyində, avtovağzala yaxın hissədə yol genişləndirilərkən eyni mənzərəni görmək mümkün oldu. Belə hallar çoxdur.
Mən başa düşürəm, yəqin bu ağaclar abadlıq və genişləndirmə işlərinə maneçilik törədir. Lakin Avropa ölkələrində yüksək texnologiyalar var ki, ağacları qırmadan kökü ilə birgə başqa yerə köçürürlər. Olmazmı ki, bizdə də müvafiq qurumlar bu texnikadan alsınlar və tikinti, abadlıq, quruculuq işləri aparılarkən müəyyən haqq ödəmək müqabilində ağaclar başqa yerə köçürülsün. İcra hakimiyyəti və bələdiyyələr təkcə yaşıllaşdırma işləri, ağacların əkilməsi ilə kifayətlənməməli, onların sonrakı taleyi haqqında da düşünməlidirlər.
Bir çox yerlərdə ağaclar isti yay aylarında susuzluqdan quruyub, məhv olur. Bu mənzərəni yəqin hamımız ürək ağrısı ilə izləyirik. Eyni zamanda, təpəciklərdə, dağ ətəklərində ağacların əkilməsi prosesi gedir. Lakin bir çox hallarda normalara əməl edilmir. Bildiyiniz kimi, ağaclar əkilərkən onlardan əvvəl kollar əkilməlidir. Bu kollar malqaranın əkilən əraziyə girməsində çəpər rolunu oynayır. Kollar olmadığı üçün mal-qara yenicə əkilmiş ağac fidanlarını yeyir, məhv edir.
Digər ziddiyyətli məsələ odur ki, ölkədə sağlam ağaclar çox rahatlıqla kəsildiyi halda, təhlükə mənbəyi olan qurumuş ağacların kəsilməsi aylarla uzanır. Mən özüm belə bir mənzərə ilə rastlaşmışam. Müraciətimiz əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi baxış keçirdi, rəy verdi ki, ağac, həqiqətən, quruyub və onu kəsmək lazımdır. Problem ondan sonra başladı. Heç cür bu ağacı kəsmək olmurdu. Müvafiq qurumlar gəldilər və bildirdilər ki, ağacı kəsmək üçün müəyyən vəsait ödənməlidir. Belə ağaclar həm əhalinin özü, həm də mənzilləri üçün təhlükə mənbəyi olaraq qalmaqdadır. Çox xahiş edərdim ki, müvafiq qurumlar burada səsləndirilən fikirlərə ciddi yanaşsınlar, müvafiq tədbirlər görsünlər. Bu qanun layihəsini mən müsbət qiymətləndirirəm. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun, Elmira xanım. Mən dedim ki, bu, dəyişikliklərdir, amma Siz Meşə Məcəlləsindən danışdınız. Bir məsələdə səhviniz var ki, o texnologiya Azərbaycanda çoxdan var. Artıq ağacları kəsmirlər, kökündən çıxarıb başqa yerə köçürürlər. Biz Türkdilli Ölkələrin Parlament Assableyasının binasını tikəndə 25 ağacı o qayda ilə çıxardıq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət elədik, pulunu keçirdik, ağacları kökündən çıxardılar, yerinə də ağac əkdilər. Bu, Azərbaycanda çoxdan var, biz o qədər də geri qalmamışıq. Fərəc Quliyev.
F.Quliyev. Təşəkkür edirəm. Cənab Sədr, mən Sizi və bütün  həmkarlarımı qarşıdan gələn Konstitusiya günü və Milli Dirçəliş günü münasibəti ilə təbrik edirəm.
Qısaca iki məsələyə toxunacağam. Birincisi, Aqrar siyasət komitəsinin hazırladığı bütün qanun layihələri və sənədlər həmişə mükəmməl olub. Eldar müəllimdən soruşmaq istəyirəm, burada 3 maddənin – 75, 76 və 77-ci maddələrin ləğv olunması o mənanı vermir ki, kənd təsərrüfatı təyinatlı torpaqlarda yerləşən torpaqqoruyucu, sutənzimləyici və sair bu cür funksiyanı daşıyan ağac və kol bitkiləri əvvəlki tək qorunmayacaq. Son vaxtlar görürük, elə yerlər var ki, ağacları qırırlar, yollar çökür, sürüşmə əraziləri yaranır və sair. Bu maddələrin çıxarılması o tipli əkin sahələrində kolların, ağacların qırılmasına səbəb ola bilər, yoxsa yox? Bəlkə qanunda başqa bir yerdə bu məqam göstərilir, amma mənim nəzərimdən qaçıb? Bu suala cavab istəyirəm.
Dünən televiziyada izlədik. Yasamal rayonunda 40 ağacı bir gecədə kəsiblər. Belə hərəkətlər olursa, burada göstərilir, böyük cərimələr var, ölçü götürmək lazımdır. Şəhərin ortasında bu cür hərəkətlər eləyirlər. Bir məhəllədə bina tikirlər. Tikinti haqqında qanunlarda da göstərilir ki, bir tikinti aparılanda onun bir idman meydançası, uşaq bağçası və sair olmalıdır. Bu salınmır, bir adam gəlib bina tikəndə 40–50 ağacı birdən kəsir. Bu, doğru hal deyil, şəhər, məhəllə salırıqsa, kənarda salaq.
Tikinti ilə bağlı Prezidentin sərəncamları var. Geniş imkanlar yaradılıb, köhnə binaların sökülüb yerində yenilərinin tikilməsi ilə bağlı çox ciddi güzəştlər vardır. Mən hesab edirəm ki, belə adamlar çox ağır şəkildə cəzalandırılmalıdırlar və səsləndirdiyimiz fikirlər də burada qalmamalıdır.
Oqtay müəllim, mən Sizin xariclə və daxili strukturlarla işləmək prinsiplərinizi qiymətləndirirəm. Mən bir dəfə də təklif eləmişdim ki, mümkünsə, burada səslənən fikirləri ümumiləşdirib  müvafiq strukturlara göndərək. Bunlar qərar deyil, qətnamə deyil, sadəcə, parlamentdə səslənən təkliflərdir ki, nazirliklər bunları nəzərə alsınlar. Deputatların burada gözəl təklifləri olur. Təkliflərdən başqa iradlar da olur ki, onlar aradan qaldırılsın. Baş verən hadisələrə mütləq qanunla, qərarla yanaşmazlar ki. Parlament üzvləri, hakimiyyətin yuxarı elitası ilə əhali arasında körpüdürlər. Camaatla işləyən deputat onların əhvali-ruhiyyəsini, təkliflərini, çatışmayan məsələləri bilirlər.
Mən cari məsələlərlə bağlı yazılmışdım, amma anlaşılmazlıq oldu, lövhə gec yandı. Orada bu məsələlərə toxunacaqdım. Məsələn, yeni tikilən binalara qaz verirlər və qaz verən strukturlar gəlib orada 500 manata sayğac quraşdırmalıdırlar. Amma qanunun 9-cu maddəsində göstərilir ki, bunlar ödənişsiz quraşdırılmalıdır. Növbəti yoxlamaya qədər pulsuz olmalıdır. Əgər istehlakçı nəyəsə baxılmasını istəyərsə, onda pul ödəməlidir. Yaxşı olar bu təklifləri müvafiq strukturlara çatdıraq ki, lazımi ölçü götürsünlər, həm də bir az məsuliyyətli olsunlar. Hər şeyi Prezident eləməli deyil ki. Bu məmurlara səlahiyyət verilib və mükəmməl də qanunlarımız var. Mən Azərbaycan qanunvericiliyindəki kimi mükəmməl qanunları heç yerdə görməmişəm, hər şey göstərilir. Ağacların kəsilməsi ilə bağlı qadağalar köhnə qanunda da göstərilib, yenisində də. Lakin dünən Yasamalda 40 ağacı birdən kəsiblər. Belə olmaz ki! Təşəkkür edirəm. 
Sədrlik edən. Fərəc müəllim, elə ona görə də Siz bunun ardını oxuyun. Həm İnzibati Xətalar Məcəlləsinə, həm də Cinayət Məcəlləsinə dəyişikliklər olacaq və bu cərimələr daha da sərtləşdiriləcək.
O ki qaldı buradakı çıxışlara, onların hamısının stenoqramı var. Lazım olan məsələlər müvafiq yerlərə çatdırılır. İndi dediniz ki, müzakirələrdə iştirak etmək üçün gözlədim. Mən müraciət etdim, gözlədim, bir nəfər yazılan olmadı. Ona görə biz iclasa başladıq.
Gündəliyin 11-ci məsələsi Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqındadır. Buyurun, Əli Hüseynli. Əli müəllim, üç məsələni də bir yerdə deyəcəksiniz?
Ə.Hüseynli. Çox sağ olun, cənab Sədr. Elə ona görə yazılmışdım ki, bu məsələlər paket şəklindədir. Davam edək, sonra səsvermə keçirilər. Hörmətli Eldar müəllim Meşə Məcəlləsinə edilən əlavə və dəyişikliklərlə bağlı məruzə elədi. Sonrakı üç məsələ – Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və Şəhərsalma və Tikinti Məcəlləsinə edilən əlavə və dəyişikliklər Eldar müəllimin qeyd etdiyi həmin qanun layihəsindən irəli gəlir. Amma fərq ondan ibarətdir ki, Cinayət Məcəlləsinin və İnzibati Xətalar Məcəlləsinin dispozisiyasında Meşə Məcəlləsi ilə bağlı məruzə olunmuş yeni ifadələr, misal üçün, “yaşıllıqlar”, “xüsusi mühafizə zonaları” ifadələri öz əksini tapır. Amma dispozisiyada ciddi dəyişikliklər var. Bu barədə cənab Sədr, Siz də dediniz, Elmira Axundova da məlumat verdi.
Sanksiyalar bir neçə dəfə sərtləşdirilir və bunlar əsas etibarı ilə cərimə sanksiyalarıdır. Cinayət hadisələri zamanı məsuliyyət növü kimi azadlıqdan məhrumetmə növü də sərtləşdirilir. Bu hallar xəta kimi törədiləndə İnzibati Xətalar Məcəlləsində həm fiziki şəxslərə, həm vəzifəli şəxslərə, həm də hüquqi şəxslərə münasibətdə sanksiyalar sərtləşdirilir.
Mən, cənab Sədr, o fikirdəyəm ki, İnzibati Xətalar Məcəlləsində sanksiyaları artırmağımızın səbəbi bu xətaların, bu növ cinayətlərin indi aktual olmasıdır. Əvvəllər ola bilər ki, bu cür pozuntular az idi, sanksiyalar daha yüngül idi. Artıq hörmətli millət vəkilləri də bir neçə misal çəkdilər, əgər belə hallar mövcuddursa, biz mütləq adekvat münasibət bildirməliydik. Bu gün meşə fondunun, yaşıllıqların mühafizəsi məsələsi aktualdır. Ölkə iqtisadiyyatı inkişaf edir. Bir sıra hallarda, hətta dövlət ehtiyacları naminə də bu işləri etmək lazım gəlir. Bu zaman söylənildiyi kimi, onu dəyişdirmək lazımdır, amma qanunsuz hallar baş verirsə, ona qarşı sərt tədbirlər görülməlidir.
Şəhərsalma və Tikinti Məcəlləsində edilən dəyişiklik də, hesab edirəm ki, bir sıra sualları cavablandırmış olur. Belə ki, Şəhərsalma və Tikinti Məcəlləsinə əlavə edilən 57.2.8-ci maddədə birbaşa göstərilir ki, tikilinin layihə sənədlərində layihədən əvvəlki və sonrakı dövrlərdə ərazidəki yaşıllıqların vəziyyətini göstərən məlumatlar tam və dürüst əks edilməli, yaşıllıqların salınması mütləq həmin  yaşayış məntəqəsinin yaşıllıqla təmin edilməsi normasına uyğun olmalıdır. Bu o deməkdir ki, artıq tikintini planlaşdırma mərhələsində yol verilə bilməz ki, sonrakı vəziyyət əvvəlkindən daha pis olsun. İkinci, həmin məntəqənin yaşıllıq norması müəyyənləşdirilibsə, tikintini planlaşdırma zamanı artıq həmin normalara uyğun tikinti layihə sənədləri təsdiq olunacaq. Yəni bu işi həyata keçirən dövlət orqanı və ya şirkətin üzərinə belə bir vəzifə qoyulur ki, ərazi planlaşdırılmasına uyğun olaraq oranı yaşıllaşdırma ilə təmin etsin.
İkinci vacib düzəliş “Tikinti meydançası” ilə bağlıdır. “Tikintiyə icazədə tikinti ərazisində olan ağacların, kolların və digər yaşıllıqların mühafizəsi tədbirləri nəzərdə tutulmalıdır. Tikinti layihələrinin icrası nəticəsində götürülən yaşıllıqların miqdarı, növ tərkibi və bərpa dəyəri haqqında məlumatlar tikinti layihəsinin ekoloji bölməsinə daxil edilir”. Mən hesab edirəm ki, Şəhərsalma və Tikinti Məcəlləsinə edilən bu dəyişiklik, əgər qeyd olunduğu kimi, tam, dürüst tətbiq olunarsa, tikinti sahələrində yaşıllıqların qorunmasına öz töhfəsini vermiş olacaq.
Nəhayət, doğrudan da, müvafiq dövlət orqanları ağacların, yaşıllıqların qanunsuz kəsilməsi ilə bağlı məhkəmələrə müraciət edib və məhkəmələr də bu cərimə sanksiyalarının tətbiq olunması ilə bağlı qərarlar çıxarıb. Amma bunların icrasında problem yaranıb. Artıq bizim qanunvericilik imkan verir ki, məhkəmə qərarının icra olunmamasına görə də yenidən bir icraat başlansın və cinayət icraatı olsun. Mən hesab edirəm ki, bu gün qəbul etdiyimiz ciddi cərimə sanksiyaları ilə bağlı ictimaiyyət arasında səmərəli bir hüquqi maarifləndirmə həyata keçirə bilsək, bu sahədə dönüş yaratmaq mümkün ola bilər. Bu məsələdə həm dövlət orqanları, həm də ictimai təşkilatlar maraqlı olmalıdırlar. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri və media nümayəndələri! Məndən öncə də qeyd olundu, Bakı şəhərində yaşıllıqların salınması və qorunmasının nə qədər çətin bir iş olduğunu biz bilirik. Mən əvvəllər də bir neçə dəfə məsələ qaldırmışam. İndi də xüsusilə iki məsələyə münasibət bildirmək istəyirəm. Bunlar İnzibati Xətalar Məcəlləsinin 253-1.4 və Cinayət Məcəlləsinin 259.2, 259.3-cü maddələrindəki sanksiyalarla bağlıdır.
Oqtay müəllim, biz bilirik ki, Bakı şəhərində oksigen çatışmazlığı var və bu da məhz yaşıllıqların az olması ilə əlaqədardır. Özümüzün, gələcək nəsillərinin sağlamlığı üçün yaşıllıqları qorumaq lazımdır. Amma mən əvvəllər də söyləmişəm ki, biz sanksiya hissəsinə baxanda… Mən İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikləri, sanksiyanı oxuyuram: “Şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıqların məhv edilməsinin və yaşıllıq ərazilərində qanuna zidd digər hərəkətlərin qarşısının alınmamasına, yaxud qanunla müəyyən edilən mühafizə tədbirlərinin görülməməsinə görə vəzifəli şəxslər min manat miqdarında cərimə edilir”. Oqtay müəllim, hesab edirəm ki, bu, kifayət qədər yüngül cəzadır. Vəzifəli şəxs növbəti yaşıllığın qırılmasına göz yumacaq, oradan alıb, gətirib cərimə kimi ödəyəcək. Vəzifəli şəxs əgər öz qulluq vəzifəsini lazımınca yerinə yetirmirsə, o, ilk növbədə vəzifədən çıxarılmalıdır. Axı, bizim cəzalar sistemində vəzifədən çıxarma bir cəza növü kimi nəzərdə tutulur. Belə olduğu halda niyə biz vəzifədən çıxarmanı bura daxil eləməyək?
Yaxud Cinayət Məcəlləsini götürək. 259.2, 259.3-cü maddələrdə qeyd olunur ki, “üç ilədək”. Burada amma vəzifədən çıxarma var: “üç ilədək müddətdə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə, iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”. Mən hesab edirəm ki, burada alternativlik çıxırılmalıdır. Yazılmalıdır ki, “üç ilə qədər müəyyən vəzifə tutmaq və müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə cəzalandırılır”. Biz alternativ sanksiya nəzərdə tutanda, sözsüz ki, məhkəmələr daha yüngül cəza tətbiq eləyir və həmin şəxslər vəzifədə qalır, qanunsuz fəaliyyətlərini davam etdirirlər. Ümumiyyətlə, gələcəkdə qanunvericilikdə dəyişiklik eləyəndə, mütləq onu əsas götürməliyik ki, əgər vəzifəli şəxs qanunu pozursa, birinci cəza onun vəzifədən azad olunması olmalıdır. Əgər biz bunu etməsək, o halda şərait yaradacağıq ki, bu cür qanun pozuntuları davam eləsin. Diqqətinizə görə çox sağ olun. Mən qanun layihəsinə səs verəcəyəm. 
Sədrlik edən. Çox sağ olun. Əgər başqa fikir yoxdursa, xahiş edirəm, gündəliyin 10-cu məsələsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.48 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 104
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Xahiş edirəm, 11-ci məsələyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.49 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 103
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Xahiş edirəm, 12-ci məsələyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.49 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 101
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Xahiş edirəm, 13-cü məsələyə münasibət bildirin.

Səsvermənin nəticələri (saat 12.50 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 105
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul olundu.
Nəhayət, bu zərfdə gələn sənədlərin içərisində iki qanun layihəsi qalıb. Bunlar “Ətraf mühitin mühafizəsi haqqında” Qanuna və  “Ətraf mühitə dair informasiya almaq haqqında” Qanuna dəyişikliklər edilməsi barədədir. Buyurun, Valeh Ələsgərov.
V.Ələsgərov, Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri.
Təşəkkür edirəm, cənab Sədr. Hörmətli deputatlar, xanımlar və cənablar! Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq məktubu ilə Milli Məclisin müzakirəsinə “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi təqdim edilib. Təqdim edilən dəyişikliklər “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununu bundan öncə qəbul etdiyimiz “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırmaq məqsədilə qəbul edilməlidir.
“Ətraf mühitin mühafizəsi haqqında” Qanuna aşağıdakı dəyişikliklər təklif edilir. 27-ci maddə “Ətraf mühitin mühafizəsi üzrə fondlar” adlanır. 27-ci maddənin 1-ci hissəsinə “yaşıllıqların mühafizə tədbirlərinin” sözləri əlavə edilir. 27-ci maddənin 3-cü hissəsində isə qeyd olunur ki, yaşıllıqların götürülməsinə (kəsilməsinə), zədələnməsinə və ya məhv edilməsinə görə ödənilən bərpa dəyəri ətraf mühitin mühafizəsi üzrə dövlət fonduna daxil olacaq. “Ətraf mühitin mühafizəsində dövlət fondlarından istifadə” adlı 28-ci maddənin 1.7-1 yarımbəndinə “yaşıllıqları mühafizə tədbirlərinin maliyyələşdirilməsinə” sözləri əlavə edilir. Təklif edirəm ki, səs verib qəbul eləyək.
15-ci məsələ. Yenə də “Yaşıllıqların mühafizəsi haqqında” Qanuna “Ətraf mühitə dair informasiya almaq haqqında” Qanunun uyğunlaşdırılması məqsədilə aşağıdakı dəyişikliklər təklif edilir. 1.1.0.2-ci maddəyə “meşələrin” sözündən sonra “yaşıllıqların” sözü əlavə edilsin, ikinci maddəyə “Ətraf mühitin mühafizəsi haqqında” sözlərindən sonra “Yaşıllıqların mühafizəsi haqqında” sözləri əlavə edilsin. Beləliklə də “Əsas anlayışlar” adlı 1-ci maddəyə “meşələrin”, “yaşıllıqların” sözləri, 2-ci maddəyə bayaq dediyim “Yaşıllıqların mühafizəsi haqqında” sözləri əlavə edilir. Təklif olunur ki, bu qanun layihəsini qəbul edək. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Əgər başqa təklif yoxdursa, xahiş edirəm, 14-cü məsələyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.54 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 104
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Xahiş edirəm, 15-ci məsələyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.54 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 104
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Elektron imza və elektron sənəd haqqında” Qanunda dəyişiklik edilməsi barədədir. Hörmətli millət vəkilləri, bu məsələnin müzakirəsinə başlamamışdan əvvəl deyim ki, tənəffüssüz işləyəcəyik. Onu da nəzərinizə çatdırım ki, kompüterdə nasazlıq olmuşdu, ona görə də müzakirələrə yazılan həmkarlarımıza sözlərini demək üçün iclasın sonunda imkan yaradılacaq. Buyursun İsa Həbibbəyli.
İ.Həbibbəyli, Milli Məclisin Elm və təhsil komitəsinin sədri.
Hörmətli deputatlar, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Milli Məclisə “Elektron imza və elektron sənəd haqqında” Qanununda dəyişikliklər edilməsi haqqında məktub daxil olmuşdur. Təklif olunan dəyişikliklər ölkəmizdə informasiya texnologiyaları sahəsində əldə olunan mühüm nailiyyətləri və elektron imzadan istifadə etməyin səmərəliyini artırmaq məqsədi daşıyır.
Məlum olduğu kimi, 2017-ci il yanvar ayının 1-dən ölkəmizdə yeni tipli şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılacaqdır. Həmin şəxsiyyət vəsiqələri başqa funksiyalarla yanaşı, həm də elektron daşıyıcıya (çipə) malik olacaqdır.
Təklif olunan dəyişikliklərdə əsas fikir bundan ibarətdir ki, həmin o çipə elektron şəxsiyyət vəziqəsini daşıyan şəxsə lazım olan elektron imza ilə bağlı sertifikatlar, elektron imza və elektron imzanı yoxlamaq üçün məlumatlar daxil ediləcəkdir. Bu isə bir çox sektorlarda elektron imzadan daha çox istifadə edən şəxslərin vaxt itkisini aradan qaldırır, işin səmərəliyini artırır və ölkəmizdəki müasirlik hərəkatının böyük əlamətini özündə ehtiva edir. Ona görə də bu, əhəmiyyətli bir dəyişiklikdir. Deputat həmkarlarımdan xahiş edirəm ki, bu qanun layihəsinə səs versinlər.
Sədrlik edən. Çox sağ olun. Əgər başqa təklif yoxdursa, xahiş edirəm, gündəliyin 16-cı məsələsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.57 dəq.)
Lehinə 105
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 105
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədədir. Buyursun Ziyad Səmədzadə.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Qanun layihəsinə təklif olunan dəyişikliklər sırf texniki xarakter daşıyır və müəyyən ifadələr daha dəqiq sözlərlə əvəz edilir. 2-ci maddənin üçüncü hissəsində “bəndlərində” sözü “hissələrində” sözü ilə, digər maddədə “orqanların” sözü “qurumların” sözü ilə əvəz edilir. “Dövlət nəzarət orqanlarının” sözlərinin “orqanların (qurumların)” sözləri ilə əvəz edilməsi təklif edilir. Dəyişikliklər texniki xarakter daşıdığı üçün bu qanun layihəsinə də səs verməyinizi xahiş edirəm. Sağ olun.

Azərbaycan Respublikası  Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Ziyad müəllim, 18 və 19-cu məsələlər də bir zərfdə daxil olub. Mümkünsə, onlar barədə də məlumat verin.
Z.Səmədzadə. “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Qanununun 16.3-cü maddəsində “dövlət nəzarəti” sözlərinin “nəzarət” sözü ilə, “Azərbaycan Respublikasının Mərkəzi Bankı” sözlərinin “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ilə əvəz edilməsi təklif olunur.
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik aşağıdakıları nəzərdə tutur: 1.1-ci maddədə “orqanı” sözlərindən sonra “və ya publik hüquqi şəxslər” sözləri əlavə edilir. Bilirsiniz ki, biz “Publik hüquqi şəxslər haqqında” Qanun qəbul etmişik. Bu dəyişiklik də məhz o qanunun tətbiqi ilə əlaqədardır. Millət vəkillərindən bu qanun layihələrinə səs vermələrini xahiş edirəm. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Qanun layihələrinin müzakirəsinə başlayırıq. Vahid Əhmədov, buyurun.
V.Əhmədov. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, biz “Sahibkarlıq fəaliyyəti haqqında” Qanuna dəyişiklik edirik. Deməli, “Sahibkarlıq fəaliyyətinə dövlət nəzarəti” adlı 13-cü maddədən, ümumiyyətlə, “dövlət nəzarət orqanlarının” ifadəsini tamamilə götürürük və “orqanların (qurumların)” sözlərini əlavə edirik. “Dövlət nəzarət orqanları” deyəndə biz konkret başa düşürük ki, hansı orqandır. Vergi, antiinhisar, ekologiya və sair ola bilər. Amma “orqanlar” geniş məfhumdur. Bura hüquq mühafizə orqanları da daxildir. İndi yoxlamalar dayandırılıb, amma sabah sahibkarlıq fəaliyyəti ilə məşğul olan təşkilatlara digər orqanlar da müdaxilə edib orada yoxlamalar aparacaqlar.
Ümumiyyətlə, mən başa düşə bilmirəm, bu dəyişikliyin məğzi nədən ibarətdir? Nəyə görə biz bu dəyişikliyi edirik? Nəyə görə “dövlət nəzarət orqanları” sözlərini çıxarıb “orqanları” sözünü əlavə edirik?
Yenə deyirəm, Ziyafət müəllim, “orqan” geniş məfhumdur. İstənilən nazirlik, istənilən komitə dövlət orqanıdır və istənilən vaxt sahibkarlıq fəaliyyətinə müdaxilə edə bilər. Mən istərdim ki, bu məsələyə Əli  Hüseynov bir hüquqşünas kimi aydınlıq gətirəydi. Yəni bu məsələ sabah sahibkarlar üçün problem yaratmayacaq ki? Sağ olun.
Sədrlik edən. Sağ olun. Vahid müəllim, bu məsələnin iqtisadi mahiyyəti ilə bağlı Ziyad müəllim fikrini söyləyər, amma deyim ki, “orqanlar” anlayışının özü də nəhayətsiz deyil. Siz bilirsiniz ki, bizim təcrübəmizdə belə hallar var. Qanun qəbul edildikdən sonra cənab Prezident fərman verir və orqanlar dedikdə hansı orqanların nəzərdə tutulduğu fərmanda göstərilir. Yəni o orqanlar göstəriləcək və onlar nəhayətsiz deyil. Birinci hal deyil, bizim təcrübəmizdə belə hallar var.
Ziyad müəllim, əlavəniz var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda xahiş edirəm, 17-ci məsələyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.02 dəq.)
Lehinə 95
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, 18-ci məsələyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.02 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 94
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Xahiş edirəm, 19-cu məsələyə münasibət bildirin.

Səsvermənin nəticələri (saat 13.03 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədədir. Ziyad müəllim, buyurun.
Z.Səmədzadə. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi “Teleradio yayımı fəaliyyəti” növünü qanunun 1 nömrəli əlavəsi siyahısından çıxarılaraq onun 2 nömrəli əlavəyə – “Dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar lisenziya tələb olunan  fəaliyyət növlərinin siyahısı”na salınması məqsədi ilə hazırlanmışdır və qanun layihəsində kifayət qədər konkret maddə verilmişdir. Millət vəkillərindən bu qanun layihəsinə də müsbət münasibət bildirmələrini xahiş edərdim. Sağ olun.
Sədrlik edən. Sağ olun, təşəkkür edirəm. Qanun layihəsi ilə bağlı Əflatun Amaşov söz demək istəyir. Buyurun, Əflatun müəllim.
Ə.Amaşov. Hörmətli Ziyafət müəllim, hörmətli həmkarlar, hörmətli media nümayəndələri! Mən bu vacib dəyişikliklərlə bağlı fikirlərimi bildirmək istərdim. Hesab edirəm ki, televiziya və radio fəaliyyəti olduqca strateji sahədir və buna məxsusi yanaşılmalıdır. Yəni teleradio yayımı sahəsində tətbiq edilən qayda ümumi qaydalardan fərqlənməlidir.
Bundan əvvəl radio yayımı fəaliyyəti “Lisenziyalar və icazələr haqqında” Qanunun 1 nomrəli əlavəsindəki siyahıya salındı. Məsələ müzakirə olunanda biz də münasibətimizi bildirmişdik, çünki o dəyişiklik hamıya imkan verirdi ki, İqtisadiyyat Nazirliyinə müraciət etməklə öz televiziya və radiosunu yaratsın. Bu sahəyə nəzarət edən Milli Televiziya və Radio Şurası isə yalnız rəy verə bilərdi. O da müəyyən vaxtda baş tutmasa, lisenziya onsuz da verilirdi. Artıq indiki dəyişiklikdə teleradio yayımı fəaliyyəti qanunun birinci əlavəsindən, yəni ümumi fəaliyyət növlərini ehtiva edən siyahıdan çıxarılır, ikinci əlavəyə, yəni dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar lisenziya tələb olunan fəaliyyət növləri siyahısına daxil edilir.
Deməli, dəyişiklik çox düzgündür və əhəmiyyətlidir. Bununla bilavasitə əlaqədar orqan olan Milli Televiziya və Radio Şurasının da səlahiyyətləri bir növ bərpa olunur, tamlaşır. Bir daha qeyd edirəm ki, televiziya və radio strateji sahədir, birbaşa dövlətimizin təhlükəsizliyi ilə bağlıdır. Ona görə də bu məsələdə çox ciddi olmalıyıq. Mən hamını bu dəyişikliyə səs verməyə çağırıram. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Çingiz Qənizadə.
Ç.Qənizadə. Təşəkkür edirəm. Mən də, təbii ki, “Lisenziyalar və icazələr haqqında” Qanuna edilən dəyişiklikləri normal və mütərəqqi  hesab edirəm və xüsusilə burada mətbuatdan söhbət gedir. Ziyafət müəllim, 7-ci bənddə Teleradio yayımı fəaliyyəti ilə bağlı bir məqam var.
Bir məsələni qeyd etmək istəyirəm ki, biz hər il cənab Prezidentin mətbuata və televiziyaya diqqət və qayğısını görürük. Hətta onların borclarının sıfırlanması üçün göstəriş verir, maliyyə yardımları edir. Ümumiyyətlə, onların inkişafı üçün kifayət qədər normal şəraitin yaradılmasını təmin edir. Amma cənab Prezident tərəfindən, bu cür mütərəqqi və humanist addımlarının atıldığı bir zamanda kütləvi informasiya vasitələri tərəfindən mənə bir şikayət ünvanlanıb. Televiziya əməkdaşları ilə bir hüquqşünas olaraq bununla bağlı müzakirə apardıq. Məlum oldu ki, Vergilər Nazirliyi tərəfindən Vergi Məcəlləsinin 164.1.7-ci maddəsinin tələblərinə zidd olaraq televiziyalardan kütləvi informasiya vasitələrinin və proqramlarının yayımı üçün müəyyən ƏDV-lər tutulur. Amma 164.1.7-ci maddəyə baxdıqda məlum olur ki, onlar ƏDV-lərdən azad olunanlar kateqoriyasındadırlar və onlardan vergi tutula bilməz.
Mən bir məsələni deyim. Deməli, bu gün Azərbaycan məhkəmələri qərar qəbul edərkən Avropa Məhkəməsinin presedentlərinə istinad edirlər. Bu gün daha çox mülki məsələlərlə bağlı qətnamələr qəbul olunarkən Avropa presedentləri göstərilir. Qeyd olunur ki, filankəsin filankəsə qarşı və Avropa Məhkəməsinin qərarı. Amma çox maraqlıdır ki, biz Azərbaycanda olan presedentin Vergilər Nazirliyi tərəfindən həyata keçirilməməsinin şahidi oluruq. Mən bir misal çəkirəm. B&B TV communication – belə bir TV var, o, Vergilər Nazirliyinin məhz mənim  indi qeyd etdiyim məsələ ilə bağlı məhkəməyə verir. Apellyasiya Məhkəməsi də bunu qüvvədə saxlayır və artıq 2013-cü ilin sonlarında Ali Məhkəmənin qərarı var. İndi belə çıxır ki, hər bir televiziya Vergilər Nazirliyini məhkəməyə verib, öz hüququnu qorumalıdır.
Ali Məhkəmənin bir qətnaməsi var və bu qətnamə də presedentdir. Hətta Vergilər Məcəlləsində birbaşa düzünə nəzərdə tutulan halların, belə deyək, indiyə qədər bir sürüşkən formada ƏDV-yə yönəldilməsi halları olubsa da, amma bu qərardan sonra bunu icra etmək olmaz. Mən belə hesab edirəm ki, televiziya yayımları proqramından ƏDV-nin tutulması ümumi işimizə ziddir. Bir tərəfdən cənab Prezident mətbuata kifayət qədər dəstək göstərir, digər tərəfdən isə Ali Məhkəmənin qərarı olan bir məsələdə hər bir kanala ayrıca yanaşma nümayiş olunur. Bu, yolverilməzdir. Mən çox xahiş edirəm ki, Vergilər Nazirliyi məhz bu presedenti rəhbər tutaraq televiziyalardan proqramların yayılması üçün ƏDV vergisinin tutulması məsələsinə aydınlıq gətirsin və daha doğrusu, buna son qoysun. Təşəkkür edirəm.
Sədrlik edən. Təklif var ki, səsə qoyulsun. Buyurun, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsinə münasibət bildirin.

Səsvermənin nəticələri (saat 13.10 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi barədə qanun layihəsidir. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Bildiyiniz kimi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna 2016-cı il  iyunun 14-də bir düzəliş etmişdik. O zaman vətəndaşların da çoxsaylı müraciətləri var idi. Həmin düzəliş qanunun 5-ci maddəsində öz əksini tapdı. Yəni qüvvədə olan qanunvericiliyə görə, dövlət reyestrindən çıxarış olduğu hallarda arayış notarius və notariat hərəkətləri aparan digər vəzifəli şəxslər tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən elektron informasiya sistemləri vasitəsilə real vaxt rejimində əldə edilir. Həmin bu  “notariat hərəkətləri aparan digər vəzifəli şəxslər” ifadəsi artıq bizim qanunvericilikdə olduğu üçün, eyni zamanda, Mülki Məcəllənin 148.3-cü maddəsinə də köçürülməli və orada da öz əksini tapmalıdır. Bu düzəliş texniki xarakterlidir və qeyd etdiyim kimi, iki qanunun bir-birinə uyğunlaşdırılmasıdır. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, Əli müəllim. Başqa çıxış etmək istəyən yoxdursa, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.11 dəq.)
Lehinə                      100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsidir. Əli müəllim, buyurun, söz sizindir.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli həmkarlar! Bu, kiçik bir düzəlişdir, yəni əlavədir, amma kifayət qədər əhəmiyyətlidir. Bilirsiniz ki, ölkə iqtisadiyyatının inkişafı ilə bağlı bir sıra xidmət sahələri mövcuddur. Bu sahələrdə işlərin görülməsi və xidmətlərin göstərilməsi üçün bəzən xaricdən mütəxəssislər cəlb olunur. Sizə təqdim olunmuş arayışda da belə bir misal var. Cənab Prezidentin Qaradağ Sənaye Parkının yaradılması haqqında müvafiq sərəncamına uyğun olaraq Nazirlər Kabinetinə bununla bağlı stimullaşdırıcı tədbirlərin görülməsi üçün təkliflərin hazırlanması həvalə olunmuşdur. Amma tapşırığın mahiyyəti, bir daha vurğulayıram ki, müəyyən sahələrlə bağlı işlərin görülməsi və ya xidmətlərin göstərilməsi üçün mütəxəssislərin dəvət olunmasıdır.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycana gəlişi artıq Miqrasiya Məcəlləsi ilə tənzimlənir. Ona görə də Miqrasiya Məcəlləsinə  bu əlavə və dəyişikliklər təklif olunur. Bu dəyişikliklərin ən vacibləri 64-cü maddəyə edilən əlavələrdir. 64.0.8-1. “Müvafiq icra hakimiyyəti orqanının  müəyyən etdiyi fəaliyyət sahələri üzrə işlərin görülməsi və ya xidmətlərin göstərilməsi üçün Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında təsis edilmiş hüquqi şəxslər tərəfindən dəvət edilmiş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi kateqoriyaya aid mütəxəssislərə;” Yəni bu şəxslər iş icazəsi alınması tələb olunmayan hallar sırasına daxil olunur. Çünki əks təqdirdə iş icazəsi almaq lazımdır. Bununla yanaşı, “Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verildiyi hallar” adlanan 64-cü maddəyə istinad olunaraq 45-ci maddəyə də düzəlişlər edilib. Beləliklə, 64-cü maddədə göstərilən şəxslərə də müvəqqəti  yaşamaq üçün icazə verilməsi nəzərdə tutulur. Hesab edirəm ki, bu əlavə və dəyişikliklər əhəmiyyətlidir. Bir daha vurğulamaq istəyirəm, arayışda da qeyd olunduğu kimi, elə hallar olur, hökumət, dövlət müəyyən edir ki, bir sıra işlərlə bağlı xaricdən mütəxəssislər dəvət olunmalıdır. Bu məcəllə qüvvəyə minərsə, onlar artıq iş icazəsi almayacaqlar. Həm də artıq  müvəqqəti yaşamaq icazəsi əldə etmiş olacaqlar. Diqqətinizə çatdırmaq istəyirəm ki, bu xidmətlər “ASAN xidmət” vasitəsilə çox qısa zamanda həyata keçirilir.  Çox sağ olun.
Sədrlik edən. Sağ olun.  Aydın Hüseynov, buyurun.
A.Hüseynov. Sağ olun, Ziyafət müəllim. Bu qanunun 64.0.12-ci maddəsində belə gedir: “Dövlət qeydiyyatına alınmış dini qurumlarda peşəkar dini fəaliyyətlə məşğul olanlara;” Yəni bunlara müvəqqəti icazə verilir. Biz keçən plenar iclasımızda bir qanun qəbul etdik. Orada isə göstərilir ki, islam dininə aid ayin və mərasimlərin əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər, habelə xaricdə dini təhsil almış Azərbaycan Respublikası vətəndaşları tərəfindən aparılması. Mənə elə gəlir ki, bu iki qanunun bir-birinə uyğunlaşdırılması lazımdır.
Sədrlik edən. Çox maraqlı məsələdir. Əli müəllim, münasibət bildirin.
Ə.Hüseynli. Aydın  müəllim bu məsələdə haqlıdır. Çünki biz onu qəbul etmişik, amma digər bütün qanunlarda əcnəbilərlə və vətəndaşlığı olmayan şəxslərlə bağlı tam uyğunlaşdırmanı həyata keçirməmişik. Amma qaldırılmış məsələ düzgündür.
Sədrlik edən. Başqa çıxış etmək istəyən yoxdur? Aydın müəllim, yenə nə isə demək istəyirdiniz?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Əgər başqa çıxış etmək istəyən yoxdursa, buyurun, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək. 

Səsvermənin nəticələri (saat 13.16 dəq.)
Lehinə                      100
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədədir. Əli müəllim, buyurun. 
Ə.Hüseynli. Çox sağ olun, hörmətli Ziyafət müəllim. “Yol hərəkəti haqqında” Qanuna təklif olunan əlavə və dəyişikliklər  kifayət qədər əhəmiyyətlidir. Bu dəyişiklikləri iki hissəyə bölmək olar. Birinci hissə Azərbaycan Respublikasının vətəndaşları ilə, digər hissə isə əcnəbilərlə  bağlıdır. Qeyd etmək istəyirəm ki, təklif olunan yeni layihə  Azərbaycan vətəndaşlarının hüquqlarının qorunması və sürücülük vəsiqələrinin daha səmərəli formada  alınması ilə bağlıdır. Onların üzərində qısaca dayanmaq istəyirəm.
“Yol hərəkəti haqqında” Qanunun 35-ci maddəsi sürücülük  vəsiqələrinin verilməsi, dəyişdirilməsi və qaytarılması məsələlərini həll edir. Buraya edilən əlavə imtahan prosesinin onu qeydə alan videokameralarla təchiz edilməsidir. Əgər hər hansı bir mübahisə yaranarsa, – elə hallar bəzən olur, – onda, təbii ki, videokameralarla reallıqda imtahan prosesi necə baş veribsə, onu mübahisələndirmək mümkündür. Eyni zamanda, bilirsiniz ki, – bu, bir çox ölkələrdə də var, –mexaniki transmissiyalı və avtomatik  transmissiyalı nəqliyyat vasitələri mövcuddur. Təklif olunan əlavə imkan verir ki, vətəndaşlar özləri seçim etsinlər. Avtomatik və yaxud mexaniki transmissiyalı nəqliyyat vasitələri ilə bağlı hüquq əldə etmək istəyənlər  imtahanı da bu formada verəcəklər. Beləliklə, mexaniki transmissiyalı nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə  təcrübə imtahanını müvəffəqiyyətlə vermiş şəxsə həm mexaniki, həm də avtomatik transmissiyalı nəqliyyat vasitələrini idarə etmək hüququ verilir. Amma avtomatik transmissiyalı nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə imtahan verənlərə yalnız avtomatik transmissiyalı nəqliyyat vasitələrini idarə etmək hüququ verilir. Bu isə, bilirik ki, kifayət qədər ədalətlidir, düzgündür, mübahisələrə də son qoymuş olacaq. Vətəndaşın özünün seçim hüququ var, hansını istəyir, seçir, hansı nəqliyyat vasitəsini idarə edəcəyini  öncədən bilir və artıq imtahan prosesində mübahisə yaranmır.
Digər əlavə və dəyişikliklər isə  əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə bağlıdır. Qeyd etmək istəyirəm ki, bu, ilk növbədə Azərbaycanın da qoşulduğu 1968-ci il Vyana Konvensiyasının tələblərindən irəli gəlir. Həmin konvensiyanın tələblərinə görə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən beynəlxalq standartlara uyğun verilmiş sürücülük vəsiqələri ölkələr tərəfindən tanınır. Bu bizdə də belədir, xarici ölkələrdə də belədir və indi də istifadə olunur. Bu müddəa çıxarılır, amma mahiyyəti 35.1-ci maddədə daha geniş verilir. Belə ki, Azərbaycan Respublikasının vətəndaşı yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycanın qoşulduğu beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlılıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində hərəkət etmək hüququna malikdir. Azərbaycan vətəndaşı ölkə ərazisində nəqliyyat vasitələrini həmin müddətdən artıq idarə etmək üçün sürücülük vəsiqəsini bu qanunun 35-ci maddəsinin VI–VIII hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir. Habelə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycanda müvəqqəti və daimi yaşamaq hüququ əldə etmək niyyətindədirlərsə, təklif olunur ki, onlar da sürücülük vəsiqəsini dəyişdirsinlər. Təbii ki, imtahansız, əlavə heç bir sənəd tələb olunmadan.
Əgər əcnəbi Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq hüququ əldə etmək qərarına gəlibsə, bu, çox böyük bir müddətdir, təbii ki,  avtomobildən də istifadə edə bilər. Belə hallarda pozuntular baş verə bilər. Qanunda nəzərdə tutulan bu düzəliş baş verməsə, onda vahid informasiya sisteminə onunla bağlı məlumat əlavə olunmur. Xüsusi vurğulamaq istəyirəm ki, bu əlavə birincisi, Vyana Konvensiyasına uyğundur və bir çox  dövlətlərdə də var. Amma bir vacib məsələni də qeyd etmək istəyirəm ki, bu, Miqrasiya Məcəlləsinə uyğun olaraq digər hallarda, məsələn, turist kimi Azərbaycana gəlmiş əcnəbilərə şamil olunmur. Onların sürücülük vəsiqələri, yəni öz ölkələrində aldıqları sürücülük vəsiqələri qüvvədə qalır. Bu, ancaq Azərbaycana müvəqqəti və yaxud da daimi  yaşamaq üçün gəlmiş əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə şamil olunur.
Beləliklə, bu əlavə və dəyişikliklərlə iki vacib məsələ həllini tapmış olur. Birincisi, Azərbaycan vətəndaşları imtahan verərkən, hesab edirəm ki, bu düzəlişlərlə daha sadə və mübahisəsiz şəkildə sürücülük vəsiqəsi əldə edə biləcəklər. Orada bu kateqoriyalar daha dəqiq göstəriləcək. İkincisi, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər əgər Azərbaycana  müvəqqəti və ya daimi yaşamaq məqsədi ilə gəlirlərsə, onlar Azərbaycanın sürücülük vəsiqəsini əldə etmiş olacaqlar. Bu, əlavə heç bir  sənəd tələb olunmadan “ASAN xidmət” vasitəsilə həyata keçirilir. Çox sağ olun.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Sağ olun. Şahin İsmayılov.
Ş.İsmayılov. Hörmətli Oqtay müəllim, əziz həmkarlar! Təbii ki, bu gün müzakirəyə çıxarılan bu məsələ olduqca aktualdır və dəyişikliklər də mütərəqqi dəyişikliklərdir. Təkcə Dövlət Statistika Komitəsinin məlumatına əsasən son 3 ildə Azərbaycana  58 min 339 minik avtomobili daxil olmuşdur. Bunların böyük əksəriyyəti avtomat ötürmələr qutusuna malik olan nəqliyyat vasitələridir. Belə qruplaşdırma olduqca mütərəqqidir. Əli müəllimin də söylədiyi kimi, bu, bir növ zamanın tələblərinə uyğun olan haldır. Bundan başqa təcrübə imtahanı zamanı istehsal müddəti 5 ildən artıq olmayan nəqliyyat vasitələrindən istifadə olunması, o cümlədən kameraların yerləşdirilməsi yarana biləcək mübahisələrin aradan qalxmasında, düşünürəm ki, olduqca yaxşı tədbirlərdəndir. Sadəcə olaraq, mənim bir sualım və iki təklifim var.
Dəyişikliyə əsasən göstərilir ki, xarici ölkədə verilən sürücülük vəsiqəsini almış Azərbaycan vətəndaşları nəqliyyat vasitəsindən qısa müddətdən artıq istifadə edəcəkləri halda sürücülük vəsiqələrini dəyişdirməlidirlər. Sual ortaya çıxır. Bəs Yol-Patrul Xidmətinin əməkdaşları həmin sürücülük vəsiqəsindən istifadə edən vətəndaşın 1 ay müddətindən artıq qalıb-qalmamasını necə müəyyənləşdirəcəklər? Yəni Yol-Patrul Xidmətinin əməkdaşı həmin sürücünün xarici pasportuna, onun giriş-çıxış vaxtlarına baxmalıdır? Ümumiyyətlə, bu mexanizm necə olacaqdır?
İkinci bir dəyişiklik burada “avtomat transmissiyalı” və “mexaniki transmissiyalı” anlayışlarıdır. Mən təklif edərdim ki, burada mexaniki və avtomat ötürmələr qutusu olsun. “Transmissiyalı” və “ötürmə qutusu” anlayışları texniki olaraq bir-birləri ilə eynilik təşkil etmir. Bundan başqa bir məsələ də var. Düşünürəm ki, Yol-Patrul Xidməti əməkdaşlarının  test bazasında olan sualların əksəriyyəti, daha doğrusu, müəyyən bir hissəsi texniki baxımdan bir neçə il bundan öncəki suallarla uyğunluq təşkil edir. Yaxşı olardı ki, həmin sualların bir növ təkmilləşdirilməsi həyata keçirilsin. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Çingiz Qənizadə.
Ç.Qənizadə. Təşəkkür edirəm. İcazə versəniz, komitənin üzvü kimi, – indi məsləhətləşmə apardıq, –  Şahin müəllimin qaldırdığı məsələyə cavab verərdim. Bir aydan artıq müddətdə Azərbaycanda qalması ilə, ölkəyə giriş-çıxışla bağlı avtomatlaşdırılmış sistem var və Dövlət Yol Polisi də bu sistemə qoşulub. Yəni istənilən anda vətəndaşın hansı müddətdə Azərbaycan ərazisində olmasını aydınlaşdırmaq olar. Amma mexaniki və avtomatik transmissiyalı nəqliyyat vasitələri ilə bağlı  dəyişiklik olduqca mütərəqqidir. Çünki indiyə qədər daha çox mexaniki vasitələrlə, üzr istəyirəm, avtomatik vasitələrlə sürücülük  qaydalarını öyrənən şəxslər bəzən görürsən ki, Dövlət Yol Polisində imtahan verərkən mexaniki vasitələr təqdim olunur. Təbii ki, o, imtahandan keçə bilmir. Ona görə vətəndaşın öz arzusu ilə olması olduqca ədalətlidir və belə hesab edirəm ki, bu, normaldır və müəyyən  söz-söhbətlərə səbəb olacaq.
Amma bir şeyi burada qeyd etmək istəyirəm. Yol hərəkətinin tənzimlənməsi sahəsi ilə bağlı mən artıq iki dəfə bu parlamentdə fikrimi bildirmişəm, yenə də öz mövqeyimdə qalıram və inanıram ki, yaxın zamanda mənim qaldırdığım məsələ reallaşacaq. Vaxtilə Nəqliyyat Nazirliyi çox böyük səlahiyyətləri özündə ehtiva edirdi, yəni səlahiyyət sahibi idi və çoxlu narazılıqlar olurdu. Telekanallarda müəyyən  “qoçuları” da görürdük və sair. Bir şeyi həmkarlarımın nəzərinə çatdırım ki, yol hərəkətinin tənzimlənməsi ilə bağlı ayrıca bir qurum var və bu gün də Nəqliyyat Nazirliyinin tabeliyindədir. O qurum həm video görüntülərə nəzarət edir, həm də kim hara gedirsə, onu izləyə bilir. Biz bilirik ki, bu izlənmə  mexanizmi məhz hüquq mühafizə orqanlarına məxsus olan bir məsələdir. Eyni zamanda, bu gün Dövlət Yol Polisi əməkdaşları ilə o qurum arasında operativlik, demək olar ki, yoxdur.
Mən bir misal çəkim. Dövlət Statistika Komitəsinin qarşısında gördüm ki, işıqforlar işləmir və səbəbini DYP-nin əməkdaşından soruşdum. O dedi ki, həmin qurum  bizə tabe deyil. Karl Marks heykəlinin yanına gedənə qədər həmin qurumla əlaqə saxlayaraq işıqforun nə üçün işləmədiyini aydınlaşdıra bilmədim. O vaxt da məsələ qaldırmışdım. Biz Dövlət Yol Polisi əməkdaşlarının çox gərgin işini və fəaliyyətini görürük. Yağışda, qarda, bəzən işıqfor işləmədikdə, küçələrə düşüb hərəkəti tənzimləyirlər. Onda nəyə görə o qurum bu quruma tabe olmasın? Bu tabelik olarsa, həmin məsələlər daha operativ həll olunar.
Daha bir misal da çəkim. Mən Dövlət Yol Polisi əməkdaşından soruşdum ki, belə hallar olanda siz nə edirsiniz? Dedi ki, mən öz komandirimə məlumat verirəm, o da Bakı Şəhər Dövlət Yol Polisinə məlumat verir. Ondan sonra Nəqliyyat İntellektual İdarəetmə Mərkəzinə məlumat verirlər. Ümumilikdə yarım saat, bir saat keçir və insanlar da bundan əziyyət çəkirlər. Ona görə, belə hesab edirəm ki, yol hərəkətinin tənzimlənməsi ilə bağlı qurumların hamısı Dövlət Yol Polisinin tabeliyində olmalı və bu məsələ  çevik şəkildə həll edilməlidir.
Bir şeyi də deyim, yağış yağan kimi, hər birimiz işıqforlardan əziyyət çəkirik. Bakıya yağış yağan kimi, başlayırlar gözlərini yumub açmağa, işləmirlər. Biz bu gün bilmirik ki, Bakı Şəhər İcra Hakimiyyətindən, Dövlət Yol Polisindən, yoxsa Nəqliyyat Nazirliyindən tələb edək ki, bu qurum niyə işləmir? Amma burada birlik olsa, bir qurumun tabeliyində olsa, inanıram ki, bu gün Azərbaycanda sabitliyin keşiyində duran Daxili İşlər Nazirliyinə tabe olan dövlət qurumu, yəni Dövlət Yol Polisi işıqforlarla bağlı məsələni operativ olaraq tənzimləyəcəkdir. Sağ olun.
Sədrlik edən. Çox sağ olun, Çingiz müəllim. Siz hansı komitənin üzvüsünüz?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin.  Bu məsələyə komitədə baxın, əlaqələr yaradın, sonra buraya təklif çıxarın.  Xahiş edirəm, münasibət bildirək. 

Səsvermənin nəticələri (saat 13.29 dəq.)
Lehinə                      96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

Çox sağ olun.
Son 3 məsələ “İdman yarışlarının manipulyasiyasına dair” Konvensiya qəbul ediləndən sonra ona aid olan dəyişikliklərdlə bağlıdır.  Birinci məsələ Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqındadır. Buyursun Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun. Cənab Sədr, icazə verərsinizsə, birinci məruzəni Fuad Muradov etsin. Çünki, əslində, Cinayət Məcəlləsi və Cinayət-Prosessual Məcəlləsindəki dəyişikliklər “Bədən tərbiyəsi və idman haqqında” Qanundan irəli gəlir. 24-cü və 25-ci məsələlərin meydana çıxmasının səbəbi 26-cı məsələdir.
Sədrlik edən. Etiraz etmirəm. Onda 3 məsələni dalba-dal  müzakirə edək. “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə. Buyursun Fuad Muradov.
F.Muradov, Milli Məclisin Gənclər və idman komitəsinin sədri.
Təşəkkür edirəm, Oqtay müəllim. Əli müəllimə də təşəkkür edirəm. “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununa edilməsi nəzərdə tutulan dəyişikliklər, əslində, 2014-cü ildə, – Oqtay müəllim bunu vurğuladı, – 18 sentyabr tarixində imzalanan “İdman yarışlarının manipulyasiyasına dair” Avropa Şurasının Konvensiyasına və bu qanuna uyğunlaşdırılması məqsədi daşıyır. Güman edirəm ki, bu dəyişikliklər də idman qanunvericilik bazasının təkmilləşdirilməsi və ölkəmizin beynəlxalq idman arenasında  nüfuzunun artmasına xidmət edəcəkdir.  İcazə versəniz, qısa olaraq anlayışlarla bağlı fikir bildirim, çünki burada yeni anlayışlar var.
Birincisi, idman yarışları ilə bağlı xüsusi anlayış var. Bu nə deməkdir? Beynəlxalq və digər səlahiyyətli idman təşkilatları tərəfindən qəbul edilmiş  rayon, şəhər, regional, respublika və beynəlxalq miqyaslı idman tədbirləri.
İkinci anlayış isə idman yarışlarının manipulyasiyasıdır. Şəxsin özünün və ya başqasının xeyrinə qeyri-qanuni  üstünlük əldə edilməsi üçün idman yarışlarının gedişatının və nəticəsinin qəsdlə dəyişdirilməsinə yönəlmiş hərəkəti və ya hərəkətsizliyi.
Növbəti dəyişikliklər 3-cü maddəyədir. Daha çox idman yarışlarının  manipulyasiyasına yolverilməzliklə bağlıdır. 4-cü maddədə idman yarışlarının manipulyasiyasına qarşı tədbirlərin görülməsi təklif olunur. Bəzi hallarda bu tədbirlərin görülməsi birbaşa federasiyalara və yaxud da idman klublarının səlahiyyətinə daxil edilib. 11-ci maddədə respublika idman federasiyalarının hüquqları və vəzifələri göstərilir. Nəhayət, 40-2-ci maddə əlavə olunub. Onların hamısını oxumağa ehtiyac yoxdur. Amma bəziləri var ki, xüsusi maraq kəsb edə bilər. Ona görə, icazə versəniz, bir neçə məsələ ilə bağlı fikrimi bildirərdim.
Maraqlı olan məsələlərdən biri budur ki, idman yarışlarının manipulyasiyası halları ilə mübarizə aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Bu, 40.2.2-dədir. 40-2.1.7-ci maddədə manipulyasiya risklərinə məruz qala biləcək idman yarışlarının gedişatına nəzarətin təmin olunmasıdır. Bu nədən doğur? Bəzi idman yarışlarında sövdələşmə ola bilər. Sövdələşməni də həmin komandanın üzvləri, yaxud bir neçə üzvü həyata keçirə bilər. Bu halda həmin idman yarışlarının nəticəsi ləğv oluna bilər. Bayaq Əli müəllimin vurğuladığı kimi, Cinayət Məcəlləsində də bundan irəli gələn dəyişikliklərimiz var. Texniki xarakter daşıyan bu dəyişikliklərə bizim komitədə baxılmışdı. Ona görə bütün həmkarlarımı bunu dəstəkləməyə çağırıram. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. 24-cü məsələ Cinayət Məcəlləsində dəyişikliklər barədədir. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Təşəkkür edirəm, cənab Sədr. Beləliklə, artıq “Bədən tərbiyəsi və idman haqqında” Qanunda Fuad müəllimin məruzə etdiyi kimi, yeni anlayış – “İdman yarışlarının manipulyasiyası” anlayışı verilib. Bu, artıq yeni anlayışdır və həm də bir məqsəd daşıyır. Məhz buna görə də həmin qanundan irəli gələrək Cinayət Məcəlləsində “İdman yarışlarının manipulyasiyası” adlanan 192-2-ci maddənin əlavə olunması təklif olunur. Yəqin, bu layihə ilə tanış olmusunuz. Məruzədən də  məlum oldu ki, bu, ciddi bir pozuntudur. O dərəcədə ciddidir ki, həm də cinayət məsuliyyətinə cəlb olunur. Cinayət Məcəlləsinin bu yeni maddəsində cərimə sanksiyasından başqa 6 ildən 8 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası da təklif olunur. Mən də o fikirlə razıyam ki, müasir dövrdə idmanın ölkəmizdə çox geniş inkişaf etdiyi bir zamanda bu cür pozuntuların qarşısını ciddi tədbirlərlə almaq lazımdır. Ona görə də Cinayət Məcəlləsində yeni, amma kifayət qədər ağır sanksiyası olan bir maddə nəzərdə tutulur.
Cinayət-Prosessual Məcəlləsinə edilən dəyişiklik isə “Hüquqi şəxslərə cinayət-hüquqi tədbirlərin tətbiq olunmasının əsasları və şərtləri” maddəsidir. Bu, texniki bir düzəlişdir. 192-2-ci maddə  də  Cinayət Məcəlləsinin 99-4-cü maddəsindəki sıralanmada öz əksini tapacaq. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Elmira Axundova.
E.Axundova. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də bu dəyişiklikləri müsbət qiymətləndirirəm. Lakin idmanın ölkədə inkişafı fonunda qanunvericiliyin də beynəlxalq standartlara uyğunlaşdırılması labüddür. Doğrudur, mən inanmaq istəməzdim ki, kimlər isə ölkəmizdə rəhbərliyin humanistliyindən sui-istifadə etməklə idman yarışlarında hər hansı manipulyasiyaya yol versin. Amma hər halda bu cür neqativ proseslərə qarşı indidən hüquqi bazanın yaradılması zəruridir. Bu baxımdan Cinayət Məcəlləsinə edilən 192-2-ci əlavəni, əsasən, müsbət qiymətləndirirəm. Bununla bağlı hörmətli Əli müəllimə mənim bir sıra suallarım və təkliflərim var. Belə ki, 192-2.1-ci maddəyə görə idman yarışlarının manipulyasiyası məqsədi ilə idmançıya, idman hakiminə, məşqçiyə, sponsora və ya digər şəxsə özü və ya üçüncü şəxslər üçün maddi və ya sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsinə görə üç min manatdan beş min manatadək cərimə və ya üç ildən altı ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
192-2.2-ci maddəyə görə də maddi və ya sair nemətin, imtiyazın, güzəştlərin istənilməsi, alınması məsələsi, ya da vədin, təklifin qəbul edilməsi məsələsidir. Orada da üç min cərimə, ya da üç ildən altı ilədək azadlıqdan məhrumetmədir. Zənnimcə, burada cəzalar bir qədər sərt müəyyən olunur. Sadəcə, cərimə və ya müəyyən vəzifətutma, yaxud müəyyən fəaliyyətlə məşğulolma hüququndan məhrumetmə cəzası ilə də kifayətlənmək olardı. Nəyə görə mən bunu deyirəm? Baxın, 192-2-4-cü maddəyə görə idman yarışlarının manipulyasıyası məqsədi ilə idmançıya, idman hakiminə, məşqçiyə, sponsora və ya digər şəxsə, yaxud onların yaxın qohumlarına zor tətbiqetmə və ya zor tətbiqetmə hədəsi ilə hədələmə, yaxud onların özü və ya yaxın qohumları haqqında rüsvayedici məlumatlar yayma və ya onların özünün, yaxud yaxın qohumlarının əmlakını tələfetmə hədəsi ilə onların hər hansı hərəkətlər etməsini və ya etməməsini tələb etməyə görə, sadəcə, üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Halbuki buradakı cinayət 192-2.1 və 192-2.2-ci maddələrdəkindən daha ağır xarakterlidir. Çünki mahiyyətində zor var, hədə-qorxu var. Ona görə biz ya 192-2.4-cü maddədə müəyyən olunan cəzanı daha da sərt eləməliyik, – o da üç ildən altı ilədək olsun, – ya da o birilərini bir az buna uyğunlaşdırmalıyıq.
İkinci təklifim. Burada, deyəsən, anlaşılmazlıq var, düzgün yazılmayıb. Diqqət yetirin, qeyd hissəsinin ikinci bəndində 2 məsələ var. Burada qeyd olunur ki, bu məcəllənin 192-2.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs bu barədə müvafiq dövlət orqanına könüllü məlumat verdikdə və ya bu əməli ona qarşı tətbiq edilən hədə-qorxu nəticəsində etdikdə cinayət məsuliyyətindən azad edilir. Fikir verin. Bu daha çox 192-2.2-ci maddəyə uyğundur. Bəndlər mənə elə gəlir ki, dəyişdirilməlidir. Axı, necə ola bilər ki, şəxsi maraqları üçün manipulyasiya məqsədi ilə rüşvət verir və ya kim isə ona qarşı  hədə-qorxu tətbiq edir. Bu bir az absurd görünür. Amma maddi və ya sair nemətin, imtiyazın və ya güzəştin istənilməsi və ya alınması, yaxud bu təklifin və ya vədin qəbul edilməsi qeyri-ixtiyari hədə-qorxu nəticəsində də ola bilər. Ona görə, mənə elə gəlir ki, 192-2.1-ci deyil, 192-2.2-ci maddə qeyd edilməlidir. Bu, vacib məsələdir. Digər tərəfdən maddənin özü insanda bir az şübhə doğurur. Sanki rüşvət verən şəxsə xilas olmaq üçün bir cığır, yol açırıq. Yəni cinayəti törət, amma onu etiraf et və məsuliyyətdən azad ol. Məncə, bu, bir az düzgün deyil. Xahiş edirəm, bu məsələlərə aydınlıq gətirəsiniz. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Gövhər Baxşəliyeva.
G.Baxşəliyeva. Çox sağ olun, Oqtay müəllim. Mən də öncədən deyim ki, bu üç qanun layihəsinə münasibətim müsbətdir. Təklif olunan dəyişikliklər, əlbəttə ki, mütərəqqi xarakter daşıyır və mən onların lehinə səs verəcəyəm. Bu dəyişikliklər yalnız və yalnız ölkədə idman sahəsinin, idmana aid qanunvericiliyin təkmilləşdirilməsinə və beynəlxalq hüquqa uyğunlaşdırılmasına yönəlib. Mənim burada bir qeydim var. Təklif edirəm ki, bu qeydim nəzərə alınsın.
Oqtay müəllim, mən düşünürəm ki, bu Avropa Şurası Konvensiyasının adı  düzgün tərcümə olunmayıb, yəni adı belədir: “İdman yarışlarının manipulyasiyasına dair”. Yarışlar ilə bütövlükdə manipulyasıya eləmək mümkün deyil. Bu, ya “İdman yarışları ilə manipulyasiyaya dair”, ya “İdman yarışlarında manipulyasiyaya dair”, ya da “İdman yarışlarından manipulyasiyaya dair” verilməlidir. Xahiş edərdim, mütəxəssislər ilə bir daha məsləhətləşdirilsin. Redaktə xarakterli bu dəyişiklik edilməlidir. “Min” şəkilçisi bu qanunun, konvensiyanın adında məna yükünü tam dəyişdirir və təhrif edir. Bu ifadə  bütövlükdə bu üç qanuna edilən dəyişikliklərə salınıbdır. Ona görə hamısında məna yükünün bir qədər təhrif olunması müşahidə olunur. Diqqətiniz üçün sağ olun.
Sədrlik edən. Sağ olun. Əli müəllim, buyurun. 
Ə.Hüseynli. Cənab Sədr, mən söz aldım ki, Elmira xanımın təkliflərinə bir münasibət bildirim. 192-2-ci maddənin üçüncü hissəsində zor tətbiqetmə hədəsi ilə idman manipulyasiyasına dəstək verməyin   əvvəlki maddələrdəki sanksiyalara uyğun gəlməməsi fikri ilə razıyam. Bu barədə elə indi əlaqə yaratdım. Elə bilirəm ki, bununla bağlı biz qanunvericilik təşəbbüsü subyekti ilə prinsipcə razılaşdıq. Yəni daha ağır bir cəzanın təklif olunması məntiqlidir. Çünki əvvəlki iki halda üç ildən altı ilədək idi, burada isə üç ildir. Amma üç il, doğrudan da, uyğun gəlmir, daha doğrusu, bu əmələ adekvat gəlmir. Amma qeyd hissəsindəki məsələ barədə, – mən indi vaxt almaq istəmirəm, – Elmira xanıma ayrılıqda bir izahat verərəm. Çünki qeyd hissəsində, bilirəm ki, yanlışlıq yoxdur.  Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, gündəliyin 24-cü məsələsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.44 dəq.)
Lehinə                      98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Gündəliyin 25-ci məsələsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.44 dəq.)
Lehinə                      101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. 
Gündəliyin 26-cı məsələsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.45 dəq.)
Lehinə                      102
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. 
Gündəliyin məsələlərini bitirdik. Mən bir az öncə söylədim ki,  monitorun işləməməsi səbəbindən müzakirəyə yazılmış 5 nəfər millət vəkilinə söz verə bilməmişdim. İndi onlara söz verəcəyəm. Buyursun Tahir Kərimli.
T.Kərimli. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli deputatlar!
Sədrlik edən. Bir dəqiqə, üzr istəyirəm. Siyahı yoxdur. Siyahı əvvəlki siyahıdır. Mən təzədən siyahı yazmayacağam ki. Zahid Oruc, sən bir hövsələni saxla. Sən görürsən, Tahir Kərimlinin adı var orada?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən.  Tahir Kərimli, üzr istəyirəm, buyurun.
T.Kərimli. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli deputatlar! 2017-ci ilin dövlət büdcəsi hələ daxil olmayıb. İnşaallah, yəqin, daxil olar, biz də baxarıq. Ancaq biz bilirik ki, Maliyyə Nazirliyi bunu çap eləyib və bununla bağlı çoxlu müzakirələr gedir. Daxil olandan sonra mənim deyəcəyim söz gec olacaq. Ona görə, istəyirəm, büdcənin tərtib olunmasının fəlsəfəsi ilə bağlı öz fikrimi bildirim. Bəlkə bunu nəzərə alarlar. Biz bilirik ki, cənab Prezident hazırda buna şəxsən nəzarət edir. Ciddi məsələlər müzakirə olunur. Bu, nə ilə bağlıdır? 2017-ci ilin büdcə kəsiri 645 milyon manat müəyyən olunub. Bu məni hədsiz dərəcədə narahat edir. Doğrudur, demək olar ki, bütün iqtisadçılar birmənalı şəkildə deyirlər ki, büdcə kəsirinin çox olması filan-filan məsələlərə ziyandır. Bu yaxınlarda Rusiyada dövlət büdcəsinin mədaxili 13 trilyon və məxarici 16 trilyon oldu, burada büdcə kəsiri 20 faizdən yuxarıdır.
Biz baxaq, keçən il – 2016-cı ildə büdcə kəsiri 1,7 milyard manat idi. İndi bunu azaltdığımız  üçün müəyyən qədər narahatçılıq keçirirəm. Nəyə görə? Bizim, əlbəttə, özəl və digər sahələri doldurmaq imkanlarımız az olsa da, müəyyən ehtiyatlarımız var,  onlarla da ödəmək mümkündür. Mən hesab edirəm ki, büdcə kəsirinin çox olmasından qorxmaq lazım deyil. Başqa dövlətlərdəki analoji vəziyyət bizdə də var. Bizdə büdcə gəlirlərinə nisbətən kəsirin, heç olmasa, 15 faiz səviyyəsində olması lazımdır. Çünki o, bizim üçün iş yerləri, sosial təminat deməkdir.
Çox maraqlıdır, biz burada məktəbəqədər təhsil ilə bağlı qanun qəbul edirik, amma əlavə təhsil üçün ayrılan pul birdən-birə 3,8 milyon dollara düşür. Görünür, maliyyə nazirinin xəbəri yoxdur ki, biz belə qanun qəbul edirik və bizə əlavə xərclər lazım olacaq.
Ümumiyyətlə, – bu məsələni şəxsən mən də qaldırmışam, – şəhid ailələri, əlillər və digərləri ilə bağlı müavinətlər var. Müəyyən iqtisadi rayonlara ayrılan pulla bağlı məsələlər var. Biz bilirik ki, rayonlara olan dotasiyalar azaldılıb. Yeni ödəmənin bir yolu var, büdcə kəsirini artırmaq. Bundan qorxmaq lazım deyil. Bu, bizim üçün çox vacibdir. Əgər analoji dövlətlərdə inflyasiyanın səviyyəsi, məsələn, Rusiya və digər  yerlərdə 3–4 faiz olacaqsa, Azərbaycanda da gələn il yəqin ki, çox olmayacaq. Ona görə də həmin büdcə kəsirinin hesabına, misal üçün, deyək ki, sosial təminat sahəsinə 2,1 milyard manat pul ayrılıb və ya müdafiə sənayemizə az pul ayrılıb.
Sədrlik edən. Çox sağ olun, aydındır. Büdcə gələndə bunu müzakirə edərik. Buyursun Fərəc Quliyev.
F.Quliyev. Oqtay müəllim, mən çıxışımda qaz ilə bağlı məsələləri demişdim. Təşəkkür edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Fazil Mustafa.
F.Mustafa. Təşəkkür edirəm, Oqtay müəllim. Mən bir-iki vacib məsələyə toxunmaq istəyirəm. Bildiyiniz kimi, ölkədə ictimai rəydə də, insanlar arasında da, ölkə Prezidenti səviyyəsində də qeyd olunan bir xidmət qurumu var – “ASAN xidmət”. Hər kəs bunun fəaliyyətini çox yüksək qiymətləndirir. Biz də bu ideya müəlliflərinə, bu qurumu Azərbaycan cəmiyyətinə verən insanlara həmişə təşəkkür borcluyuq. Çünki bu qurum ölkədə “xidmət” anlayışını dəyişdi, vətəndaş üçün hər cür şərait yaradan demokratik təsisat kimi insanların yaddaşında qaldı. Bu gün də    ən nüfuzlu bir qurumdur, bunu açıq söyləyə bilərəm. Amma bəzi digər qurumların müəyyən problemlərini bu qurumun üzərinə yükləmək, məncə, onun nüfuzdan salınmasına xidmət edir. Bunun bir nümunəsini demək istəyirəm. Şəxsiyyət vəsiqələri ilə bağlı son vaxtlar bizə çox müraciət olur. Vətəndaş müraciət edir ki, şəxsiyyət vəsiqəsini yeniləmək istəyirəm, mənə bildirilir ki, banka borcun var, ya da vergi ödəyicisi kimi vergini ödəməmisən və ona görə də sənə şəxsiyyət vəsiqəsi verə bilmərik.
Bu, dünyada görünməmiş bir şeydir. Heç bir qanunun sanksiya hissəsində yazılmayıb ki, vergi borcunu ödəmədiyinə görə və ya hansısa bir banka borcun olduğuna görə sənin şəxsiyyət vəsiqənin vaxtı uzadıla bilməz. Qanundan kənara çıxmağa nə ehtiyac var? Bu cür gözəl bir qurumu nüfuzdan salmağa nə ehtiyac var? Bank sistemində kimin isə səhvini “ASAN xidmət” niyə ödəməlidir? Bir çox hallarda bu banklar subyektiv qərarlardan batırılır. Buna da vətəndaş günahkar deyil ki? Vətəndaş günahkar deyil ki, devalvasiya baş veribdir, pulu ödəyə bilmir, yoxsullaşıb. Nə etsin vətəndaş? Bunun başqa yolları var. Bankın özünün əlində qanunvericilikdə nəzərdə tutulan müxtəlif variantlar, vasitələr var, bununla həll edə bilər. Qanuni vasitələr var. Bunu “ASAN xidmət”in üzərinə yükləmək, məncə, bilərəkdən bu xidmətin nüfuzunu aşağı salmaqdan başqa bir şey deyil. Çünki şəxsiyyət vəsiqəsi istənilən adama verilir, hətta cinayətkara da verilir. Bunların qarışdırılmasının heç bir məntiqi izahı yoxdur.
İkinci bir vacib məsələ. Bu, Sabunçudan deputat seçildiyimə görə məni narahat edən bir məsələdir. Sağ olsunlar, Sabunçu qovşağında piyadalar üçün keçid tikilir. Gec də olsa, bunu nəzərə aldılar,  ən azı, tıxac yaranmayacaq, piyadalar təhlükəsiz şəkildə yolu keçə biləcəklər. Amma bu körpüləri, keçidləri sanki idmançılar üçün tikirlər. Yəni müasir dövrdür,  eskalator variantı yoxdursa, bu şikəst yolu necə keçəcək? Qoca nənəmiz, babamız və ya əlil bacımız, qardaşımız buradan o tərəfə necə adlayacaq? Bu, heç kimi düşündürmür. Yəni ikinci kateqoriya keçid kimi düşünürlər. Yol bir az arxa tərəfdədir və bu, vətəndaşa xidmət deyil axı. Ölkə Prezidenti bu qədər vəsait ayırıb. Büdcədən buna vəsait ayrılır. Heç olmasa…
Sədrlik edən. Aydın oldu. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli həmkarlar! Mən, adətən, Azərbaycanda keçirilən hər hansı bir seçki prosesinə və ya referenduma münasibət bildirən beynəlxalq dairələrə rəğmən Amerika seçkiləri ilə bağlı bir neçə tezisvari fikirlərimi söyləmək istəyirəm. Mən, əlbəttə, kimin qalib gəlməsini dəyərləndirmirəm. Bu barədə çoxlu fikirlər var. Ancaq kimin məğlub olduğu  haqqında bir neçə qeydimi söyləmək istəyirəm. Mənim aləmimdə bu seçkilər Amerika cəmiyyətinin dərinliyində hökm sürən irqi, dini, milli böhranı ortaya çıxartdı.
İkincisi, bu seçkilər Amerika vətəndaşının pulunu Balkanlardan Əfqanıstana qədər, Yaxın Şərqdən digər məkanlara qədər inqilablara xərcləyənlərin məğlubiyyətini göstərdi.
Üçüncüsü, Ağ ev ətrafındakı bu lobbi qurumlarının, maliyyə mərkəzlərinin, ticarət şəbəkələrinin əksəriyyəti xanım Klintonun çevrəsində qərarlaşmışdı. Onların qurduqları korrupsiya sistemləri dağılmış oldu və məğlubiyyətə uğradı. Ortada olan faktlar bundan ibarət idi ki, müxtəlif ərəb şeyxlərindən tutmuş, ayrı-ayrı ticarət mərkəzlərindən alınan vəsaitlər bu seçki kampaniyasına yönəlmişdi. Bu da sübut elədi ki, seçki sistemi nə qədər korrupsiyalaşıb. Bunların heç biri bizim rəyimiz deyil, bir daha söyləyirəm ki, bununla bağlı yetərincə faktlar mövcuddur, bunlar süquta uğradı. Xalq diktatura rejimlərini devirmək adı altında ayrı-ayrı dövlətlərin məhvinə səbəb olan siyasətə müəyyən qədər öz reaksiyasını bildirmiş oldu. Amerika vətəndaşının problemini kənara qoyub, müxtəlif dünya dövlətlərində siyasət quranlar, onlara necə yaşamağı diktə edənlər, liberal demokratiyanı ixrac eləyənlər, məncə, qarşılarında çox ağır nəticə gördülər. Mən hesab edirəm, bu həm də 2009-cu ildə Ermənistan–Azərbaycan sərhədini açmaq adı ilə bu millətin Qarabağ kimi dərdinin üstündən xətt çəkmək istəyən və böyük siyasətini reallaşdırmağa çalışan qüvvələrin də məğlubiyyəti oldu.
Cənab Sədr, ola bilər ki, Sizin bu məsələyə reaksiyanız fərqli olsun, bu mənim özəl düşüncələrimdir, siyasi baxışlarımdır, parlament üzvünün buna hüququ var. Bir daha söyləyirəm ki, dünyada, beynəlxalq məkanda bu məsələlərlə bağlı çoxlu təhlillər, mövqelər var. Parlament üzvü kimi bizim ixtiyarımız var, söyləyək ki, bu gün İŞİDi idarə edən qüvvələr bu seçkilərdə məğlub oldular. Kim qalib gəlib? Bu, Amerika cəmiyyətinin problemidir. Biz bunu dəyərləndirmirik, Azərbaycan Amerika dövlətinin rəhbəri kim olacaqsa, onunla işləyəcək və bunu cənab Prezident öz təbrik məktubunda ifadə eləyib. Amma bizim üçün ən önəmli məsələdir ki, illərlə...
Sədrlik edən. Ay Zahid Oruc, mən sənə bir söz dedim ki, danışırsan? Söz istədin, söz verdim, danışdın.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Mən də sənə təşəkkür edirəm. Qənirə Paşayeva. 
Q.Paşayeva. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Oqtay müəllim, mən görmə imkanları məhdud gənclərin xahişini Sizə çatdırmaq istəyirəm. Onlar bir məsələdə dəstək göstərilməsini xahiş ediblər. Bunu məhz parlamentdən xahiş edirlər, niyə görə? Çünki bu məsələ keçən iclasların birində də qalxdı və orada bir daha vurğulandı ki, bizim ali məktəblərimizdə I qrup əlillər, yəni görmə imkanları məhdud gənclər oxuyur. Onlar bütün çətinliklərə rəğmən oxuyurlar, testlə imtahan verirlər, ali məktəblərə daxil olurlar. Amma təəssüf ki, ödənişdən azad deyillər. Bu uşaqların sayı çox deyil, bütün ali məktəblərimizdə cəmi 30–40 nəfərdir. İldə, təxminən, 50–60 min manatdan söhbət gedir. Əslində, hər bir universitet bunu özü həll eləyə bilər. Hər bir universitet bir nəfər I qrup əlili ödənişdən azad eləyə bilər. Kasıb, imkansız ailələrin övladlarıdırlar, təhsil haqqını ödəməkdə çətinlik çəkirlər.
Bir neçə gün bundan əvvəl millət vəkili olan bir neçə həmkarımızla bərabər Bakı Dövlət Universitetində iki nəfər gözdən əlil övladımızın təhsil haqqını ödədik. Çünki onlar təhsil haqlarını ödəyə bilmədiklərinə görə imtahana buraxılmayacaqdılar. Biri 4-cü kurs, digəri 3-cü kurs tələbəsi idi, birləşib ödədik ki, uşaqlarımıza dəstək olsun. Yaxşı olardı,  I qrup əlillərin, – onsuz da çox az insanlardırlar, fədakardırlar, əziyyət çəkirlər, arzularından vaz keçmirlər, – təhsil almalarına kömək edək, büdcə üçün böyük bir rəqəm deyil. Onlar ödənişdən azad edilmələri məsələsinə baxılmasını çox xahiş edirlər. Mən də bu məsələni təkrar qaldırıram.
İkinci, biz bəzi qanunların yerinə yetirilməməsi ilə bağlı cəzaları sərtləşdirdik. Hamımız bunu dəstəkləyirik, təqdir edirik. Belə qanunlarımızdan biri də “Məşğulluq haqqında” Qanundur. Burada əlillərə kvotalar ayrılıb. Görmə əngəlli gənclər də var ki, oxuyublar, müəllim peşəsinə, digər peşələrə yiyələniblər, amma özlərinə iş tapa bilmirlər. Mən hörmətli Mikayıl müəllimə, təxminən, 4–5 nəfər belə gənclə bağlı müraciət etmişəm. Ümumiyyətlə, əlillərlə bağlı iş yerlərində iş verənlərin kvotalara necə riayət etmələri məsələsinə nəzarətin gücləndirilməsinə və bunun yerinə yetirilməməsi ilə bağlı sanksiyaların sərtləşdirilməsinə ehtiyac var. Çünki əlillər cəmiyyətimizdə daha çox diqqətə, qayğıya ehtiyacı olan qrupdur və cənab Prezidentin siyasətində də onlar həmişə ön sırada olublar. Ona görə bu iki məsələni xahiş edəcəkdim. Bir də sonda, bu məsələ bir dəfə müzakirə olunub...
Sədrlik edən. Çox sağ olun. Keçən sessiyada da xahiş eləmişdim, əsas gündəlik ətrafında müzakirə aparaq. Amma bayaq yarımçıq qaldı, imkan yaratdım, bu istiqamətdə danışdıq, kimin nə sözü var idi, dedi. Qarşıdan büdcə gəlir. Büdcə layihəsini müzakirə edəcəyik. Bir daha hamınızdan xahiş edirəm, Nizamnaməni diqqətlə oxuyun. Əgər deputat  hər hansı bir maliyyə məsələsini təklif edirsə, onda mənbəyi də göstərsin və ya büdcədə nəyin yerinə nə edilməlidir, onu göstərsin. Çox sağ olun, bugünkü iclasımız sona çatdı.  

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi