2016-ci il 28 oktyabr tarixli iclasın stenoqramı

BEŞİNCİ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
V SESSİYASI İCLASININ

PROTOKOLU № 25

Milli Məclisin iclas salonu.
28 oktyabr 2016-cı il.

İclasa Azərbaycan Respublikası Milli Məclisinin
Sədri O.Əsədov sədrlik etmişdir.


İclasda Milli Məclisin 108 deputatı iştirak etmişdir.

Qeydiyyat (saat 12.13 dəq.)
İştirak edir 104
Yetərsay 83

İclasa dəvət olunmuşlar:

Azad Rəhimov, Azərbaycan Respublikasının gənclər və idman naziri.
Səlhət Abbasova, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İdman Sağlamlıq Mərkəzi baş direktorunun müavini.

* * *

İlqar Muradov, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Publik Hüquqi Şəxsinin Direktorlar Şurası sədrinin müavini.


* * *

Ceyhun Bayramov, Azərbaycan Respublikası təhsil nazirinin müavini.
Mətin Eynullayev, Azərbaycan Respublikası Təhsil Nazirliyi Aparatının rəhbəri.
Teymur Mehdiyev, Bakı Şəhər İcra Hakimiyyəti İqtisadiyyat komitəsinin sektor müdiri.
Xəqani Rzayev, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin şöbə müdiri.
Laləzər Cəfərova, Təhsil Problemləri İnstitutunun Məktəbəqədər təhsilin kurikulumu şöbəsinin müdiri.
Sübhan Ağakişiyev, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik Baş İdarəsinin əməkdaşı.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 21-ci Tərəflər Konfransı zamanı qəbul edilmiş “Paris Sazişi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
2. “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında bitki mühafizəsi və bitki karantini sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
3. Azərbaycan Respublikası, İran İslam Respublikası və Rusiya Federasiyası Prezidentlərinin Bəyannaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
4. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
5. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
6. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
7. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
8. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
9. “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
10. “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
11. “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
12. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
13. “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
14. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
15. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
16. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
17. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
18. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
19. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
20. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
21. Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
22. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
23. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
24. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
25. İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
26. Kredit büroları haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).
27. Məktəbəqədər təhsil haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
 
Aşağıdakı məsələlər müzakirə edilmişdir:

Gündəlik haqqında.

Çıxış etmişdir: Oqtay Əsədov

Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.14 dəq.)
Lehinə 105
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 107
Nəticə: Qəbul edildi

1. Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 21-ci Tərəflər Konfransı zamanı qəbul edilmiş “Paris Sazişi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Oqtay Əsədov, Valeh Ələsgərov, Fərəc Quliyev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.19 dəq.)
Lehinə 107
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 107
Nəticə: Qəbul edildi

2. “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında bitki mühafizəsi və bitki karantini sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Eldar İbrahimov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.22 dəq.)
Lehinə 106
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 106
Nəticə: Qəbul edildi

3. Azərbaycan Respublikası, İran İslam Respublikası və Rusiya Federasiyası Prezidentlərinin Bəyannaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Oqtay Əsədov, Azər Kərimli, Qüdrət Həsənquliyev, Fərəc Quliyev, Fəzail Ağamalı, Zahid Oruc, Hikmət Məmmədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.38 dəq.)
Lehinə 105
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 106
Nəticə: Qəbul edildi

6. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli, Ziyafət Əsgərov, Fazil Mustafa, Siyavuş Novruzov, Elmira Axundova, Musa Qasımlı, Qənirə Paşayeva, Hikmət Məmmədov, Zahid Oruc

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.25 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

7. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir: Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.26 dəq.)
Lehinə 96
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

8. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Siyavuş Novruzov, Aytən Mustafazadə, Bahar Muradova

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.44 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 103
Nəticə: Qəbul edildi

9. “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Rafael Hüseynov, Əflatun Amaşov, Qüdrət Həsənquliyev, Aydın Hüseynov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.00 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 103
Nəticə: Qəbul edildi

10. “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir: Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.00 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

11. “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir: Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.01 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

12. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir: Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.01 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 101
Nəticə: Qəbul edildi

13. “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Valeh Ələsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.06 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 103
Nəticə: Qəbul edildi

14. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:
Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.07 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

15. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir: Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.07 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 102
Nəticə: Qəbul edildi

16. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.08 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

17. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.09 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

18. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.18 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 94
Nəticə: Qəbul edildi

19. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.21 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

20. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.23 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 3
İştirak edir 94
Nəticə: Qəbul edildi

21. Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:
Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.27 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 98
Nəticə: Qəbul edildi

22. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.31 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 98
Nəticə: Qəbul edildi

23. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir: Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.31 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 94
Nəticə: Qəbul edildi

24. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir: Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.32 dəq.)
Lehinə 90
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 93
Nəticə: Qəbul edildi

25. İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Oqtay Əsədov, Fuad Muradov, Azər Badamov, Qüdrət Həsənquliyev, Aqil Abbas

Təklif: Layihə birinci oxunuşda qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.57 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 96
Nəticə: Qəbul edildi

26. Kredit büroları haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

Çıxış etmişlər: Oqtay Əsədov, Ziyad Səmədzadə, Ziyafət Əsgərov, Musa Quliyev, İlqar Muradov, Vahid Əhmədov

Təklif: Layihə ikinci oxunuşda əsas kimi qəbul edilsin
Səsvermənin nəticələri (saat 17.02 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

Təklif: Layihənin adı, preambulası, 1–4-cü maddələri qəbul edilsin
Səsvermənin nəticələri (saat 17.11 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

Təklif: 5–11-ci maddələr qəbul edilsin
Səsvermənin nəticələri (saat 17.12 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 96
Nəticə: Qəbul edildi

Təklif: 12–21-ci maddələr qəbul edilsin
Səsvermənin nəticələri (saat 17.12 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

Təklif: 22–23-cü maddələr qəbul edilsin
Səsvermənin nəticələri (saat 17.13 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 98
Nəticə: Qəbul edildi

Təklif: Layihə ikinci oxunuşda qəbul edilsin
Səsvermənin nəticələri (saat 17.13 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 17.14 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 99
Nəticə: Qəbul edildi

27. Məktəbəqədər təhsil haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Oqtay Əsədov, İsa Həbibbəyli, Vahid Əhmədov, Ziyafət Əsgərov, Elmira Axundova, Fazil Mustafa, Tahir Rzayev, Qüdrət Həsənquliyev, Tahir Kərimli, Aqiyə Naxçıvanlı, Valeh Ələsgərov

Təklif: Layihə birinci oxunuşda qəbul edilsin
Səsvermənin nəticələri (saat 18.15 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 97
Nəticə: Qəbul edildi


Azərbaycan Respublikası
Milli Məclisinin Sədri       O.ƏSƏDOV

 

 

MİLLİ  MƏCLİSİN  İCLASI

28  oktyabr  2016-cı  il.  Saat  12.

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri
O.Əsədov  sədrlik  edir


Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçək.

Qeydiyyat (saat 12.13 dəq.)
İştirak edir 104
Yetərsay 83

Çox sağ olun, yetərsay var.
Hörmətli millət vəkilləri, sizə paylanılan gündəlikdə 27 məsələ var idi. Dünən komitə sədrlərinin iclasında qərara alındı ki, iki məsələ – 4-cü və 5-ci məsələlər gələn iclasa keçirilsin. Xahiş edirəm, gündəliyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.14 dəq.)
Lehinə       105
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 107
Nəticə: Qəbul edildi

Çox sağ olun, gündəlik təsdiq edildi. Gündəliyi müzakirə eləməyə ehtiyac var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda keçirik gündəliyin birinci məsələsinə. Gündəliyin birinci məsələsi Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 21-ci Tərəflər Konfransı zamanı qəbul edilmiş Paris sazişinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsidir. Buyursun Valeh Ələsgərov.
V.Ələsgərov, Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri.
Təşəkkür edirəm, cənab Sədr. Hörmətli Milli Məclisin deputatları, xanımlar və cənablar! Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 oktyabr tarixli 1/695 saylı məktubu ilə Milli Məclisin müzakirəsinə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 21-ci Tərəflər Konfransı zamanı qəbul edilmiş Paris Sazişinin təsdiq edilməsi haqqında qanun layihəsi təqdim edilib. Qanun layihəsi sizdə var. Yəqin ki, geniş izahata ehtiyac yoxdur. Paris Sazişi adlanan bu sənəd Azərbaycan hökuməti tərəfindən imzalanıbdır. Müvafiq qaydalara uyğun olaraq Milli Məclisdə ratifikasiya edilməlidir. Paris Sazişi 1992-ci ildə BMT-nin iqlim dəyişmələri üzrə qəbul edilmiş Çərçivə Konvensiyasına dair Kioto Protokolunun davamı olaraq qəbul edilmiş bir sənəddir. Bu sənəd ilə ona qoşulan tərəflər iqlim dəyişməsinə təsir edən tullantıların azaldılması ilə əlaqədar müəyyən öhdəliklər götürürlər. O cümlədən Azərbaycan tərəfi də müvafiq töhfələr adlandırılan göstəriciləri qəbul edibdir və bu göstəricilərə layiq olmaq üçün müvafiq işlər görməyi öz boynuna götürübdür. Yəqin ki, sazişin əlavə izahına ehtiyac yoxdur. Ona görə də təklif edirəm, səs verək, qəbul edək. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Fərəc müəllim, saziş ilə əlaqədar sözünüz var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun.
F.Quliyev. Təşəkkür edirəm, Oqtay müəllim. Mən, qısaca olaraq, bir fikrə toxunmaq istəyirəm. Biz həmişə belə sazişləri qəbul edəndə mütəmadi olaraq çalışırıq ki, düşmən tərəfin mövqelərinə müəyyən qədər zərbələr vura bilək, yəni biz haqlı tərəfik. 8.4-cü maddədə yazılır ki, anlaşma, fəaliyyət və dəstəyin genişləndirilməsi üçün əməkdaşlıq və sadələşdirmə sahələrinə müvafiq olaraq aşağıdakılar daxil ola bilər. Erkən xəbərdarlıq sistemləri, fövqəladə hallara hazırlıq, tədricən baş verən hadisələr və sair. Biz bu sazişə bir qeyd kimi əlavə edə bilərik ki, Ermənistanda atom-elektrik stansiyası ilə bağlı çox ciddi təhlükə mövcuddur və xəbərdarlıq bəndinə uyğun olaraq onun haqqında müvafiq ölçü götürülməlidir.
Mən bilirəm, Azərbaycanın müvafiq qurumları, elə Milli Məclis də bu məsələ ilə bağlı müəyyən qurumlarda məsələ qaldırıblar. Amma bu da bir fürsətdir, bunu əlavə eləmək olar. Üstəlik, həmin atom-elektrik stansiyasının nüvə tullantılarının Azərbaycan ərazisində basdırılmasının potensial təhlükə olduğunu da arayış şəklində bu konvensiyaya əlavə eləsək, yaxşı olar. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Bu beynəlxalq konvensiya razılaşdırılmış konvensiyadır, başqa fikir yoxdursa, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri 
(saat 12.19 dəq.)
Lehinə 107
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 107
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Gündəliyin ikinci məsələsi “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında bitki mühafizəsi və bitki karantini sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədədir. Buyursun hörmətli Eldar müəllim.
E.İbrahimov, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli deputat həmkarlarım! Bu ilin avqust ayında Bakıda Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında bitki mühafizəsi və bitki karantini sahəsində əməkdaşlıq haqqında saziş imzalanmışdır. Bitki mühafizəsi ilə bitki karantini insan sağlamlığı, ətraf mühitin qorunması və habelə ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsi ilə birbaşa əlaqədar olduğu üçün bu məsələ hər bir dövlətin daim diqqət mərkəzində və nəzarətindədir. Bu baxımdan təqdim olunan sazişin təsdiq edilməsi vacib və əhəmiyyətlidir.
Saziş 12 maddədən ibarətdir. Onun həyata keçirilməsini təmin edən qurumlar hər iki dövlətin kənd təsərrüfatı nazirlikləridir. Burada verilmiş anlayışlar “Bitki mühafizəsi haqqında” Beynəlxalq Konvensiyaya uyğundur. Tərəflər bitki mühafizəsi və bitki karantini, habelə zərərli orqanizmlərə nəzarət sahəsində bütün məlumatları mübadilə etmək, zərərli orqanizmlərin digər tərəfin ərazisinə keçməsinin qarşısının alınması üçün lazım olan bütün vasitələrdən istifadə etmək, bu sahədə birgə tədqiqatlar da daxil olmaqla, iki ölkənin tədqiqat institutları ilə əməkdaşlıq etmək, idxal və ixrac olunan yükləri fitosanitar sertifikatı ilə müşayiət etmək, təkrar ixrac və tranzit şərtləri, birgə fitosanitar tədbirlər, yoxlamalar və yüklərin laborator test müayinələrindən keçirilməsi və sair bu kimi məsələlər barədə razılığa gəlmişlər. Saziş tərəflərin tərəfdar çıxdıqları digər beynəlxalq sazişlərdən irəli gələn hüquq və öhdəliklərə təsir etmir. Onun tətbiqi zamanı yarana biləcək hər hansı fikir ayrılığı tərəflər arasında danışıq və məsləhətləşmələr yolu ilə həll edilir. Qarşılıqlı razılığa əsasən müəyyən olunmuş qaydada sazişə istənilən əlavə və dəyişikliklər edilə bilər. Sazişdə onun qüvvəyə minməsi və qüvvədə olması proseduru göstərilmişdir. Saziş bu növ dövlət sənədlərinin tərtib olunma tələblərinə tam cavab verir. Komitəmiz layihənin təsdiq olunmasını məqsədəuyğun hesab edir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.22 dəq.)
Lehinə 106
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 106
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikası, İran İslam Respublikası və Rusiya Federasiyası Prezidentlərinin Bəyannaməsinin təsdiq edilməsi haqqında qanun layihəsidir. Buyursun Azər Kərimli.
A.Kərimli, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü.
Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Diqqətinizə təqdim olunan bu bəyannamə bildiyiniz kimi, bu il avqust ayının 8-də Azərbaycan, İran və Rusiya dövlətləri rəhbərlərinin Bakıda keçirilən zirvə toplantısında qəbul edilmişdir. Nəzərə alsaq ki, Azərbaycan dünyada İran və Rusiya ilə ortaq sərhədi olan yeganə dövlətdir və bu dövlətləri coğrafi əlqaələrdən başqa əsrlərin dolğun tarixi birləşdirir, hər iki ölkədə, həm Rusiyada, həm də İranda bu dövlətlərin vətəndaşları olan milyonlarla soydaşımız yaşayır, biz bu bəyannaməni tarixi bir sənəd kimi qiymətləndirə bilərik. Bu sənəddə üçtərəfli əməkdaşlıq bütün sahələrdə, mədəniyyət, turizm, biznes sahəsində, qarşılıqlı sərmayələrin qoyulmasında, həmçinin bölgəmiz üçün həyati vacib məsələlərdə öz əksini tapıb. Bu, həm Xəzər dənizinin hüquqi statusuna dair konvensiyanın tezliklə qəbul olunması, həm də Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafı və səmərəliyinin artırılması çərçivəsində dəmir yollarının birləşdirilməsi üzrə yeni layihələrin həyata keçirilməsi, terrorizmə qarşı mübarizə sahəsində səylərin birləşdirilməsinin vacibliyi və üçtərəfli mexanizmin əldə edilməsidir.
Bir də diqqətinizə çatdırmaq istərdim ki, hər iki ölkə Azərbaycan üçün çox vacib olan Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində birmənalı mövqe tutur. Hər iki ölkə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bu bəyannamədə də münaqişənin beynəlxalq hüquq normalarına uyğun şəkildə öz həllini tapmasının vacibliyi vurğulanır. Əminik ki, bu gün təsdiq edəcəyimiz bu bəyannamə ölkələr arasında üçtərəfli münasibətlərin inkişafı ilə bərabər, bölgəmizin iqtisadi inkişafına və siyasi stabilliyin qorunmasına böyük töhfə verəcək. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri və media nümayəndələri! Azərbaycan hökuməti, doğrudan da, öz qonşuları ilə yaxın qonşuluq münasibətlərini inkişaf etdirir. Bu, çox əhəmiyyətlidir və biz bunu təqdir eləyirik. Hörmətli Azər müəllim də qeyd elədi. Həqiqətən də, İranda 30 milyondan artıq azərbaycanlı yaşayır. Mən dəfələrlə bu parlamentin iclasında məsələ qaldırmışam ki, biz İranla viza məsələsinə baxmalıyıq. Bu gün mən “haqqin.az” saytında bir yazı oxudum. Orada Türkiyənin hansısa bir əhəmiyyətsiz saytına istinad edilərək deyilir ki, Türkiyədə müəyyən adamlar bizim Türkiyə–Azərbaycan dostluğu barədə dediklərimizə rişxənd edirlər. Yəni Türkiyə İraqla da viza rejimini aradan qaldırır, amma Azərbaycan hələ də Türkiyəyə viza rejimini aradan qaldırmır. Ona görə də, kimə xidmət elədiyi bəlli olmayan saytların bizim dostluğumuza, qardaşlığımıza kölgə salmasına imkan verməmək üçün Türkiyə ilə viza rejimini aradan qaldıraq. Bu həm də ona görə ədalətli olar ki, bizim artıq qonşu dövlətlərdən Rusiya və Gürcüstan ilə vizasız gediş-gəlişimiz var. Biz digər qonşularımız olan İran və Türkiyə ilə də viza rejimini aradan qaldırmalıyıq. Ona görə də, xahiş edirəm, hökumət bu məsələyə bir daha nəzər yetirsin. Bəyannamənin təsdiq olunmasının lehinəyəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Fərəc Quliyev.
F.Quliyev. Təşəkkür edirəm, cənab Sədr. Mən 2 məsələyə toxunacağam. Burada göstərilir ki, qeyri-legitim iqtisadi sanksiyaların tətbiq olunması təcrübəsinin qəbuledilməzliyini nəzərə alaraq. Bu müddəa, əsasən, Rusiyaya və təbii ki, İrana aiddir. Azərbaycan tərəfi bu məsələlərdə mütəmadi olaraq xoşluq göstəribdir, Rusiyaya sanksiyalar tətbiq olunanda nəinki sanksiyalara qoşulmayıb, hətta ixrac məhsullarını oraya göndərməklə Rusiyanın müəyyən qədər vəziyyətdən çıxmasına dəstək verib. İrana da sanksiyalar tətbiq olunanda Azərbaycan buna qoşulmayıb. Yəni bu müddəanın daha çox bu iki dövlətə aid olduğuna baxmayaraq, Azərbaycan bu məsələlərə həmişə xoş yanaşıbdır.
Burada digər bir məsələ də var. Yazılır ki, regional sabitlik və təhlükəsizliyə olan çağırış və təhdidlərlə mübarizə aparılması məqsədi ilə qarşılıqlı fəaliyyətin vacibliyini diqqətdə saxlayaraq. Bu isə birbaşa Azərbaycana aidiyyəti olan məsələdir. Azərbaycan bölgədə Ermənistan tərəfindən təhdidə məruz qalan bir ölkədir. Bu bəyannamədə iştirak edən tərəflər bizim onlara göstərdiyimiz xoş münasibətin müqabilində bəyannaməyə əməl edərək Ermənistanda silahlanmanın aparılmasına etirazlarını bildirməli, tədbirlər görməli və bəyannaməyə əməl eləməlidirlər. Təşəkkür edirəm.
Sədrlik edən. Bəyanatı cənab Prezident qəbul edib. Bu məsələlər diqqətdədir. Fəzail Ağamalı.
F.Ağamalı. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri və media təmsilçiləri! Mən bu ilin avqust ayında ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü ilə baş tutan üçtərəfli görüşü çox yüksək dəyərləndirirəm. Üç Prezident tərəfindən imzalanmış bəyannamədə öz əksini tapan müddəalar birmənalı şəkildə Azərbaycanın dövlət və milli maraqlarına cavab verir, ona xidmət edir. Üçtərəfli əməkdaşlıq, heç şübhəsiz, hər 3 dövlətin dövlət maraqlarına xidmət etməklə bərabər, aramızda yaranan mehriban qonşuluq münasibətlərinin bundan sonra daha yüksək səviyyədə inkişafına geniş imkan və perspektivlər açmaqdadır. Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizinin artıq reallaşması yönündə atılmış addımlar var. Eyni zamanda, bəyannamədə öz əksini tapan regional təhlükəsizlik, ekstremizmə və terrorçuluğa qarşı birgə mübarizənin aparılmasında ortaq iradənin nümayiş etdirilməsi, daha sonra iqtisadi əlaqələrin daha yüksək səviyyəyə qalxması çox yaxşı haldır.
İşğal olunmuş torpaqlarımızın azad edilməsinə yönəlmiş olan xüsusi müddəaların o bəyannamədə əks olunması, əlbəttə, bəyannamənin Azərbaycan üçün yükünü və dəyərini artıran mühüm məqamlardan biridir. Mən əminəm ki, bu 3 dövlət arasında münasibətlər bundan sonra daha yüksək xətt ilə inkişaf edəcək. Bu, Azərbaycanın dövlət maraqlarına birbaşa uyğundur. Lakin bununla bərabər, bir millət vəkili olaraq əmin olmaq istərdim ki, Rusiya və İran bundan sonra Ermənistana qarşı təzyiqlərini daha ciddi bir şəkildə artırmış olsunlar. Ermənistan qeyri-konstruktiv mövqe tutaraq işğalçı siyasətini davam etdirdiyinə görə, bu dövlətlər Azərbaycanın çağırışlarına daha həssaslıqla yanaşmalı və Ermənistana təzyiqlərini gücləndirməklə bərabər, sanksiyaların tətbiqində də ilkin və ciddi addımlar atmalıdırlar. Mən bəyannaməni yüksək qiymətləndirirəm və ona səs verəcəyəm. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Zahid Oruc.
Z.Oruc. Hörmətli cənab Sədr və hörmətli həmkarlar! Əlbəttə, çox əhəmiyyətli bir sənədi müzakirə elədiyimizi digər Milli Məclis üzvləri də qeyd elədilər. Gerçəkdən də, Azərbaycan 1990-cı illərdən bəri ötən dövr ərzində regiondakı dəyişikliyi nəinki, sadəcə, seyrçi olaraq müşahidə edib, habelə bu cür geosiyasi şəraitin formalaşmasında aktiv tərəf kimi də iştirak edib. Əlbəttə, bəzən tarix xatırlanmaz. Ən ağır müharibələrdən keçmiş ölkələr arasında münasibətlər var. Amma 1990-cı illərdə bu ölkələr müəyyən formada Azərbaycanın bütövlüyündə mənfi rol oynasalar da, hazırkı dövrdə Azərbaycanın dövlət siyasəti həm İrana qarşı, həm də Rusiyaya qarşı sanksiyalar dövründə hansısa dairələrin ön cəbhəsi olmayaraq, orada özünə yer axtarmayaraq bu dönəmi formalaşdırıbdır. Çox yaxşı haldır ki, İran və Rusiya bu çağırışlara müsbət reaksiya veriblər. Ötən dəfə Putin müsahibəsində bəyan elədi ki, cənab İlham Əliyev İrandan birbaşa telefon açaraq belə bir təklif irəli sürdü və biz də bunu dəyərləndirdik.
Burada iki mühüm məqam var. Birincisi, bu hansısa birliklərə, mərkəzlərə, beynəlxalq dairələrə qarşı deyil. Ola bilər ki, gələcək dövrdə Türkiyə və Çin də bu formata qoşulsun. Onda bu, beynəlxalq siyasətin faktına çevrilən bir mərkəz olacaqdır. Azərbaycan zatən bunda maraqlıdır. Çünki biz bu regionda illərlə məhz bu siyasəti yürütmüşük. Bu, önəmlidir. İkincisi, Türkiyə və Rusiya arasındakı münasibətlərin yenidən normallaşmasına gəldikdə isə, tarix boyu müxtəlif savaşlara getmiş bu dövlətlərin Qafqazda ağrısını çəkənlərdən biri olaraq biz bunu istəyirdik. Bizim bu formatda əməkdaşlığımız gələcək dövrdə qardaş Türkiyənin də bu regional siyasətdə olmasına kömək edəcək. Onsuz da Gürcüstan, Türkiyə və Azərbaycan formatı mövcuddur. Onun əhəmiyyəti daha da genişlənmiş olacaq.
Cənab Sədr, etiraz eləməsəniz, cari məsələ olmasa da, qısa şəkildə başqa bir məsələ barədə fikirlərimi bölüşmək istəyirəm. Əvvəlcə, bununla əlaqəli mühüm nöqtəni də söyləyim. Aleksandr Duqin, – Azərbaycan cəmiyyətində onu tanıyanlar bilirlər, onun ideyaları, fikirləri ilə işim yoxdur, – bu yaxınlarda mühüm bir açıqlama ilə çıxış eləyərək söyləmişdi ki, Azərbaycan üç imperiyanın – Osmanlı imperiyasının, rus imperiyasının və fars imperiyasının əhatəsindədir. Nə qədər ki, biz bu əməkdaşlıq formatında addımlar atmış olacağıq, bu dövlətlərin gücündən bəhrələnəcəyik. Təbii ki, parçalanma mövqeyi tutduğumuz təqdirdə də bu dövlətlərdən müəyyən ziyan görmüş olacağıq. Bugünkü bəyannaməni ki qəbul edirik, mənə elə gəlir, faydalı bir məqamı qeyd eləmək lazımdır.
Cənab Sədr, iki həftə öncə bilirsiniz ki, Vahe Avetian adlı bir erməni hava limanına gəldi və Azərbaycana keçərək Xocalı abidəsi qarşısında baş əymək, gül qoymaq istədiyini ifadə elədi. Buna qədərki dövrdə bilirsiniz ki, təmas xəttində ağ bayraq qaldıran hərbçi, yaxud mülki ermənilərdən belə hərəkətlər görmüşdük, amma bilavasitə Avetianın sözü ilə desək, gəlib hava limanında özünü bizə təslim etmək, amma bundan imtina edilmək halı baş verməmişdi. Əlbəttə, bilirsiniz, o insan İsveçdə yaşayır, siyasi mühacirdir, hüquq müdafiəçisidir, dəfələrlə Ermənistan–Azərbaycan münaqişəsində obyektiv mövqe göstərməyə çalışıb. Xocalı soyqırımına görə üzr istəyib, Sumqayıt hadisələrində Qorbaçovu günahlandırıb. Mənim onun siyasi-bioloji fəaliyyəti ilə işim yoxdur, ancaq onun gəlişi ilə əlaqədar dövlət orqanları müvafiq qərarlarını verdilər, bu proses davam eləyir, bir çoxlarının da mövqeyi budur ki, onun bir az ayrı marağı və niyyəti də var. Mən şəxs olaraq bu məsələni qaldırmaq istəmirəm. Amma cəmiyyət olaraq biz bu sual qarşısında olduğumuz təqdirdə, yəni Qarabağ ermənisi Azərbaycanın ərazi bütövlüyünü tanıdığı, Konstitusiyamıza hörmətlə yanaşdığı və bu münaqişədə obyektiv mövqe göstərdiyi təqdirdə pasport istəsə, buna reaksiyamız necə olacaq? Bir çoxları düşünə bilərlər ki, münaqişə nə qədər ki, tənzimlənməyib, biz qabağa qaçaraq, bunu qaldırmayaq. Amma bu, realdır. Beynəlxalq aləmdə müxtəlif ermənilər var ki, obyektiv mövqe göstərirlər. Armen Cigərxanyan, yaxud Şarl Aznavur neytral mövqe tuturlar.
Fikrimi yekunlaşdırıram. İcazə versəniz, təklifim var, onu söyləyim. Bir məsələni, əlbəttə, nəzərə almalıyıq ki, o tərəf buna qədərki dövrdə ayrı-ayrı şəxslərdən məsələn, Əlikram Hümbətovdan, Fəxrəddin Abbaszadədən və sairdən Azərbaycana qarşı istifadə ediblər. Mənim aləmimdə Azərbaycanın mövqeyi ən yüksək səviyyədə bəyan olunub, biz onlara muxtariyyət verməyə hazırıq. Elmar Məmmədyarov bəyan elədi ki, dinc yanaşı yaşamağa da hazırıq. Biz səngərdə dayanan ermənini digər mülki ermənidən mümkün qədər ayırmağa cəhd eləməliyik. Mən iddia eləmirəm ki, onları da Kadırov kimi gətirib Qarabağın rəhbərliyinə çıxaraq. Amma Azərbaycan bizim qanunlara hörmətlə yanaşan ermənilərə fərqli münasibət göstərdiyini bütün dünyaya bəyan eləmək üçün bu məsələni həll eləməlidir. Məncə, biz qanunlarımıza, Konstitusiyamıza hörmət eləyən, gəlib, Şəhidlər xiyabanında baş əyməyə hazır olan, ermənilərin adından üzr istəyən, xalqımıza qarşı cinayətlərdə iştirak eləməyən ermənilərin Bakıya buraxılmasına müsbət yanaşmalıyıq. Sağ olun.
Sədrlik edən. Zahid müəllim, sonra yenə deyəcəksən ki, Oqtay müəllim mən çıxış eləyəndə söz deyir, ona görə sözünü kəsmədim. Müzakirələr olmadı. Mən xahiş edirəm, gündəlikdən danışanda, elə ondan danışaq, başqa məsələlərin başqa yeri var. Hikmət Məmmədov.
H.Məmmədov. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən düşünürəm ki, bizə təqdim olunan bəyannamə olduqca tarixi bir sənəddir. Azərbaycanın son 200 illik tarixində ilk dəfədir ki, qonşu ölkələrlə məhz burada qeyd olunduğu kimi, bərabərhüquqlu, qarşılıqlı hörmətə söykənən əməkdaşlıq məsələləri qoyulub. Əslində, bu bəyannamə Azərbaycan Prezidentinin regionda yaratdığı yeni şərtlərin nəticəsi olaraq meydana çıxıb, görüşün təşəbbüskarı da Azərbaycan Respublikasının Prezidenti olub. Xəzər dənizinin dibinin bölünməsi ilə bağlı məsələlərdə də artıq irəliləyiş var. Bu yaxınlarda bəyan edildi ki, tərəflər Xəzərin dibinin bölüşdürülməsi ilə bağlı müəyyən razılığa gəliblər, bu, olduqca əhəmiyyətlidir.
Eyni zamanda, terrorizmə qarşı mübarizənin burada qeyd olunması, Xəzər dənizinin sülh dənizi olması, beynəlxalq enerji təhlükəsizliyi məsələlərində birgə addımların atılması, düşünürəm ki, Azərbaycanın milli maraqlarına cavab verir və bu bəyannamə siyasi məzmun etibarilə çox mühüm bəyannamədir. Mən buna səs verəcəyəm və həmkarlarımı da səs verməyə çağırıram. Sağ olun.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, layihəyə münasibət bildirək.

Səsvermənin nəticələri 
(saat 12.38 dəq.)
Lehinə 105
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 106
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti 6-cı məsələ, – 6-dan 17-dək bir zərfdə gələn məsələlərdir, – Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanun layihəsidir. Buyurun, Əli müəllim.
Ə.Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli həmkarlar! 2015-ci il dekabrın 4-də biz “Dini ekstremizmə qarşı mübarizə haqqında” Qanun qəbul etmişdik və onun 15-ci maddəsində “həmin qanunun pozulmasına görə fiziki və hüquqi şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə görə məsuliyyət daşıyırlar” ifadəsini qeyd etmişdik. İndi həmin qanunun qüvvədə olan tələblərindən irəli gələrək bizim komitədə Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər, digər komitələrdə isə digər aidiyyəti məsələlər müzakirə olunub və müvafiq qanunlar adını çəkdiyim “Dini ekstremizmə qarşı mübarizə haqqında” Qanuna uyğunlaşdırılıb.
Bu gün biz faktiki olaraq qanunların uyğunlaşdırılması ilə bağlı qərarlar qəbul edəcəyik. Adı çəkilən qanunun 1.0.2-ci maddəsi “dini radikalizm”, 1.0.3-cü maddəsi isə “dini fanatizm” və “dini ekstremist” anlayışlarını bizim qanunvericiliyimizə gətirdi. Məhz həmin yeni anlayışlar Cinayət Məcəlləsində mövcud maddələrin dispozisiyalarında öz əksini tapmalıdır. Buna görə də Cinayət Məcəlləsinin “Dinə etiqad etməyə məcbur etmə” adlanan 167-1-ci maddəsində, 214-cü “Terrorçuluq” maddəsində, 279-cu “Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma” maddəsində, 283-cü “Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması” maddəsində və nəhayət, 283-1-ci “Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədi ilə sabit qrup yaratma” maddəsində həmin yeni anlayışlar gəlir. Daha dəqiq desəm, adı çəkilən maddələrdə törədilən cinayətlər dini radikalizm, dini fanatizm və dini düşmənçilik zəminində törədilibsə, onlara görə də xüsusi məsuliyyət nəzərdə tutulur. Məsuliyyət mövcud maddələrə təxminən uyğundur, amma azadlıqdan məhrumetmə dövründə təbii ki, o maddələrin dispozisiyalarına uyğun olaraq sanksiyalar daha ciddidir. Burada minimum 3 ildən başlayaraq azadlıqdan məhrumetmə nəzərdə tutulur. Amma cinayət terrorçuluq, dini radikalizm, dini fanatizm zəminində törədilərsə, ömürlük azadlıqdan məhrumetmə cəzasına qədər cəzalandırıla bilər.

Azərbaycan  Respublikası  Milli  Məclisi  Sədrinin
birinci  müavini  Z.Əsgərov  sədrlik  edir

Hörmətli Ziyafət müəllim, o ki qaldı İnzibati Xətalar Məcəlləsinə edilmiş əlavələr və dəyişikliklərə, onlar adı çəkilən qanunun, yəni 2015-ci il 4 dekabr tarixli qanunun 7-ci maddəsinə uyğunlaşdırılmaq məqsədi daşıyır. Belə ki, “Dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması” fəsli mövcuddur və həmin fəsildə xüsusi bir maddə var: “Xüsusi əməliyyat zonasının hüquqi rejimi”. Biz o zaman qanunu müzakirə edərkən bunu çox ciddi araşdırmışdıq, müzakirə etmişdik. Həmin bu maddədən irəli gələrək İnzibati Xətalar Məcəlləsində də müvafiq əlavələr nəzərdə tutulur. Bu əlavələr ilk növbədə xüsusi əməliyyat zonasının hüquqi rejimi və onun qorunması ilə bağlıdır. O cümlədən xüsusi əməliyyat keçirərkən, – burada qeyd olunub,– inzibati qaydada tutma hüququna malikdirlər və həmin inzibati qaydada tutma, xüsusi əməliyyat rejiminin tələbləri pozulduqda da baş verə bilər. Bu, 88-ci maddə ilə bağlıdır. Buraya xüsusi, 517-1-ci maddə əlavə olunur. Bu, “Dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zonasının hüquqi rejiminin tələblərinin pozulması”dır.
Bir daha vurğulayıram, Ziyafət müəllim, bu qanunun 7-ci maddəsinin tələbləri İnzibati Xətalar Məcəlləsində öz əksini tapmalıdır. Amma bir maddənin, ümumiyyətlə, dini ekstremist fəaliyyəti ilə əlaqəsi yoxdur. Sadəcə, bir paketdə gəlib, məlumat üçün demək istədim. Məsafədən idarə edilən pilotsuz uçan aparatların əldə edilməsi və satılması qaydalarının pozulması. Yadınızdadırsa, biz İnzibati Xətalar Məcəlləsinə 1 maddə əlavə etmişdik. Hazırda pilotsuz uçan aparatların əldə edilməsi ancaq razılıq əsasında, yəni lisenziya əsasında ola bilər. Belə uçuş aparatlarının satılması qaydalarının pozulmasına görə də İnzibati Xətalar Məcəlləsində məsuliyyət təklif olunur, bu da cərimə məsələsidir. Amma bir daha vurğulayıram, 592-ci maddənin “Dini ekstremizmə qarşı mübarizə haqqında” Qanunla heç bir əlaqəsi yoxdur. Bu, digər bir qanuna etdiyimiz əlavə və dəyişikliklərdən irəli gəlir.
Bütövlükdə, hörmətli həmkarlar, onu deyə bilərəm ki, həm Cinayət Məcəlləsinə təklif olunan əlavələr, o cümlədən sanksiyalar, həm də İnzibati Xətalar Məcəlləsinə təklif olunan dispozisiya və sanksiyalar, o cümlədən də cəzalar “Dini ekstremizmə qarşı mübarizə haqqında” Qanunun tələblərinə hesab edirəm ki, müvafiqdir. Bilirsiniz ki, bir il bundan əvvəl Cinayət Məcəlləsinin bir sıra maddələrində sanksiyaları ağırlaşdırmışdıq. Hesab edirəm ki, təklif olunan cəzalar həmin cinayətlərin tərkibinə uyğun olaraq tamamilə adekvatdır və hörmətli millət vəkillərindən bu iki layihəyə səs vermələrini xahiş edirəm.
Sədrlik edən. Sağ olun, Əli müəllim. Hörmətli deputatlar, qanun layihələrinin müzakirəsinə keçməzdən əvvəl bir məsələni xartırlatmaq istəyirəm. Əli müəllim artıq qeyd elədi. Bilirsiniz ki, 2015-ci il dekabr ayının 4-də “Ekstremizmə qarşı mübarizə haqqında” Qanun qəbul elədik. Müzakirə olunacaq 12 qanun layihəsi cənab Prezident tərəfindən bu qanuna uyğunlaşdırılmaq məqsədi ilə təqdim olunub. Xahiş edirəm, çıxışlarda bunu nəzərə alasınız. Buyurun, qanun layihəsinin müzakirəsinə başlayırıq. Fazil Mustafa.
F.Mustafa. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Mən də hesab edirəm, dövlətin bu istiqamətdə yaranmış müəyyən ictimai münasibətlərinin həm Konstitusiyada, həm də qanunvericilikdə tənzimlənməsi vacib bir məsələdir. Bununla belə, burada yeni normativ maddələr də nəzərdə tutulduğuna görə, müəyyən prinsipial məsələlərə münasibət bildirməyi vacib sayıram. Çünki dini radikalizm və dini ekstremizm, həqiqətən, ciddi bir problemə çevrilməkdədir. Təkcə bizdə deyil, bölgədə, hətta diqqət edirsinizsə, qonşu ölkələrdə belə Azərbaycanın bu həssas nöqtəsinə münasibətdə fərqli addımlar müşahidə edirik. Məsələn, yəqin, sosial şəbəkələrdə izləmisiniz, Gürcüstan nümunəsində bunu görə bilərik. Gürcüstanda hər il Azərbaycan türklərinin milli bayramı olan Elat bayramı keçirilirdi. Bu il həmin bayramın keçirilməsinə kifayət qədər müdaxilə olundu, yəni ciddi şəkildə milli bir bayramın keçirilməsinə icazə verilmədi.
Amma bu yaxınlarda dini bir mərasimin keçirilməsində keşişdən tutmuş polisə qədər hamı bir yerdə iştirak elədi və onun daha çox qabardılmasına Gürcüstan tərəfi rəvac verdi. Bu o deməkdir ki, milli duyğularla baş verən hadisələrdən narahat olurlar, amma sonra dini zəmində hər hansı bir şəkildə ölkəmiz üçün təhlükə ola biləcək istiqamətlərə üstünlük verirlər, onları stimullaşdırırlar. Ona görə də biz gələcəkdə Azərbaycan daxilində bu məsələnin təhlükələrini nəzərə almalıyıq. Bu səbəbdən bir neçə prinsipial məsələyə toxunmaq istəyirəm. Əvvəllər də qeyd eləmişəm, dini sahədə hesab edirəm ki, Mübariz Qurbanlının komitəyə sədr təyin olunması son vaxtlar ölkə Prezidentinin ən uğurlu təyinatlarından biridir. O, təyin olunandan sonra diqqət edirsinizsə, dövlətin bu sahədə bir sıra boşluqları ortadan qalxdı. Rayonlarda maarifçilik işləri aparılır, çox yüksək səviyyədə müxtəlif görüşlər, tədbirlər, konfranslar keçirilir və bu, olduqca vacibdir. Bunun birinci yolu qanunvericilikdə cəzadan keçmir, maarifçilikdən keçir. İnsanların beyinlərindən cəhaləti, xürafatı, radikalizmi çıxara biləcək addımlar atılmalıdır. Ona görə də mən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bu istiqamətdə fəaliyyətini təqdir etdiyimi bildirirəm.
Bir məsələ də var. Xaricdə dini təhsil almaq məsələsini ötən dəfə biz qeyd eləmişdik. Məncə, bu funksiyanı dövlət komitəsinin öz üzərinə buraxa bilərik. Xaricdə təhsil almaq eyib deyil, bəlkə də burada keyfiyyətli təhsil yoxdur. Bəlkə də Azərbaycana bağlı adamdır, xariclə qətiyyən əlaqəsi yoxdur, yüksək təhsil alıb, niyə maarifçilik işindən kənarda saxlanılmalıdır. Komitə onu araşdırıb, müəyyən edə bilər ki, bunun dövlətlə heç bir əlaqəsi yoxdur, ondan sonra ona icazə verər. Bu rəsmi icazəyə qanunda məhdudiyyət qoymaqla insan haqlarının məhdudlaşdırılmasına gətirib çıxarırıq. Ona görə də bu maddədə dəyişiklik məsələsinə diqqət yetirmək olduqca vacibdir, çünki savadlı din adamlarının olması Azərbaycan üçün tapıntıdır, yəni bir var, ağıllı adamın sözünün dalınca gedirsən, bir də var, cahilin televiziyadan hansısa çıxışının arxasınca gedirsən. Bu baxımdan mən məsələyə bir də qayıtmağı vacib hesab edirəm.
İkinci, “hakimiyyətin zorla ələ keçirilməsi və ya onu zorla saxlama, dövlətin konstitusion quruluşunu zorla dəyişdirmə”. Ziyafət müəllim, mən bütün maddələrə münasibət bildirirəm ki, bir də mövzuya qayıtmayım. Burada onsuz da 12 ildən 20 ilədək azadlıqdan məhrumetmə, bir də ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Başa düşürəm ki, biz dini fanatizmi, ekstremizmi qabartmalıyıq, bəs etnik fanatizm və ya ekstremizm olsa? Onda təzədən qanuna ağırlaşdırıcı maddə salmalıyıq? Bu maddənin, məsələn, bu qədər yenidən təkrarlanmasının mənası eyni cəzadır. Baxın, 278.1-lə 278.2-də eyni cəzadır. Biri 12 ildən 20 ilə, biri 15 ildən 20 ilədəkdir. Hakimin ixtiyarına verilir. Əgər dövlət üçün təhlükəlidirsə, həmin cəzanı dini ekstremizm motivi ilə verə bilər. Bunu süni şəkildə buraya salmağın ciddi mənasını görmürəm.
Üçüncü vacib məsələ kütləvi informasiya vasitələri ilə bağlıdır. Ümumiyyətlə, xaricdə təhsil almaq məsələsinə niyə toxundum? Xaricdən sifariş almaq təhlükəlidir. Bu gün Azərbaycanda real təhlükə nədən ibarətdir? Biri Səudiyyə Ərəbistanından, – ad çəkməkdən çəkinmirəm, – biri Türkiyədə şeyxdən, biri də İranda bir müctəhiddən təlimat alır. Təhlükə budur. Azərbaycanda sadə dindarın problemi yoxdur ki? İraqda Sistani bir təlimat verir ki, Türkiyə ordusuna qarşı müqavimət göstərmək lazımdır, vəssalam. Azərbaycanda Sistanini təqib edən adamlar artıq bütün fəaliyyətlərini antitürk əhvali-ruhiyyəsində qururlar. Bunun üzərində düşünmək lazımdır. Dini fəaliyyətlərə qadağalar qoyulur. Mən hesab edirəm, buraya bir maddə əlavə eləmək lazımdır.
Müxtəlif dini əqidə formasında xaricdən idarə olunan qurumların da fəaliyyət göstərməsi qadağan olunmalıdır. Çünki kim nə desə, onu yerinə yetirməyə hazırdır. Qarabağda müharibədir, söyləyir ki, ermənilər adəm övladıdırlar, onlara silah qaldırmaq olmaz, vəssəlam. Müştəbeh əmr verib, mən müharibəyə qoşulmuram, silahımı yerə qoyuram. Bunlar ciddi məsələlərdir. Qanunvericilikdə ekstremizmdən əlavə həm də onu nəzərə almalıyıq ki, xaricdən hər hansı bir formada, – konkret ölkədən söhbət getmir, – idarə olunan qruplar varsa, həmin sifariş alan, dini etiqad adı ilə onların təlimatlarını yerinə yetirən müəyyən qruplara qarşı qanunvericilikdə çox kəskin maddələr, sanksiyalar nəzərdə tutulmalıdır.
Digər tərəfdən, heç kimə sirr deyil ki, ölkəmizdə başqa ölkələrdən idarə olunan xeyli sayt var. Məsələn, Gürcüstan azərbaycanlılarının saytı var ki, açıq-aşkar qonşu dövlətdən idarə olunur, cəhalət, fanatizm, xurafat yayır, amma bir milli məsələyə orada yer verilmir. Digər məsələlər də var, gizlətməyək.
Bu gün Azərbaycanda müəyyən qadağalar olmasa idi, dövlət səviyyəsində icra orqanlarının, şeyxin fəaliyyəti olmasa idi, müəyyən mərasimlərdə nə qədər çaşqınlıq, yersiz hərəkətlər baş verə bilərdi. Ona görə də bu məsələlər üzərində düşünməliyik. Hansısa ölkələrdən idarə olunan saytlarla əməkdaşlıq edən, orada yazı yazan jurnalistlərin, yaxud da, deyək ki, media mənsublarının məsuliyyət məsələsi burada nəzərdə tutulmalıdır. Açıq-aşkar görürsən ki, bu saytda başqa ölkənin mollasının, şeyxinin şəklini qoyublar. Azərbaycanlı müəllif də orada ekstremizmi yayan elə yazılarla çıxış edir ki, dəhşətə gəlirsən. Hamı bilir ki, bu harada oturur, nə ilə məşğuldur. Azərbaycan vətəndaşıdır, amma öz ölkəsinin maraqlarına xidmət etmir. O baxımdan da, məncə, bu saytlar məsələsinə, kütləvi informasiya vasitələri ilə bağlı məsələyə, hörmətli Əli müəllim, diqqət yetirmək lazımdır ki, müəyyən şəkildə xaricdən idarə olunan saytların və onlarla əməkdaşlıq edən jurnalistlərin fəaliyyətləri üzərində qanunvericilikdə müəyyən sanksiyalar nəzərdə tutulsun. Yəni buna bir kompleks şəkildə baxılsa, mən hesab edirəm ki, Azərbaycanda bu sahədə gələcək təhlükəni önləmək olar. Yəni din insanın öz içində olmalıdır. Din məscidin içində olmalıdır. Din siyasətin içində olmamalıdır. Din hoqqabazlıqla cəmiyyətə rituallarını göstərmək üçün mövcud deyil, bu, sırf mənəvi məsələdir. Bu qanunların da əhəmiyyəti odur ki, dini öz məcrasına qaytarır, onun siyasətlə bağlanmasının qarşısını alır. Çünki qonşu ölkələrdə onun nə qədər böyük fəsadlar törətdiyini biz görürük. Bu baxımdan da mən bu dəyişiklikləri mühüm hesab edirəm və çox istərdim, səsləndirdiyim təkliflərə də diqqət yetirilsin ki, bu istiqamətdə daha faydalı nəticələr əldə edə bilək. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Hörmətli deputatlar, bu qanun layihələri İctimai birliklər və dini qurumlar komitəsində də müzakirə olunub, ona görə də komitə sədri Siyavuş müəllimə söz vermək istəyirəm. O da münasibətini bildirsin. Buyurun, Siyavuş müəllim.
S.Novruzov, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri.
Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Qanunla bağlı qeyd olundu, yəni Əli müəllim məruzə etdi. Mən də bir neçə kəlmə demək istəyirəm. Bu gün bu məsələyə zərurət var. Bilirsiniz ki, bu, həm Azərbaycandan xarici ölkələrə gedib, orada din adı altında ayrı-ayrı qruplaşmalarda fəaliyyət göstərmənin, həm də dövlətin konstitusion quruluşunun dəyişilməsinin və Azərbaycan dünyəviliyinin pozulmasının qarşısını alır. Bu detalların hamısı 11 qanunda öz əksini tapıbdır. Fazil müəllimin qaldırdığı məsələlər də var. Məsələn, Dini etiqad azadlığı haqqında qanun layihəsini indi biz təqdim edəcəyik. Orada göstərilir ki, dini qurumlar hansı hallarda ləğv edilə bilər. Əgər o, dini ekstremizmlə məşğuldursa, avtomatik olaraq onun fəaliyyəti ləğv olunur. Yəni bunlar bizim qanunvericilikdə var, amma ictimaiyyət üçün, yəni cəmiyyətimiz üçün mən bir neçə faktı qeyd edim.
Müstəqillik dövründən bu tərəfə Azərbaycandan 3 min nəfər xaricdə dini təhsil alıb, gəlib. Azərbaycanda 2166 məscid fəaliyyət göstərir. Onun 1600-ü daimi fəaliyyət göstərir. Xaricdə təhsil almış şəxslərdən 200 nəfəri həmin məscidlərdə bu və ya digər funksiyaları yerinə yetirir. Yəni bu artıq var.
İkinci bir tərəfdən bilirsiniz ki, həm Bakı Dövlət Universitetində fakültə var, həm də Bakı İslam Universiteti fəaliyyət göstərir. Hər iki universitetdə mütəxəssislər yetişdirilir. Artıq bu proses gedir və davamlı şəkildə də olacaqdır. Biz öz mütəxəssislərimizdən istifadə etməliyik. Hesab edirəm ki, bu, vacib şərtdir. O cümlədən xaricə gedib, orada təhsil almaq, xaricdən informasiya almaq məsələləri də bizim gündəliyimizdə var. İctimai televiziya və teleradio verilişləri ilə bağlı digər qanunlarda da göstərilibdir ki, hansı hallarda, hansı formada və hansı miqdarda informasiya gedə bilər. Əks təqdirdə həmin verilişlər dərhal dayandırılacaq və qadağa qoyulacaqdır. Yəni bunlar kompleks şəkildə olan qanunlardır. Mən hesab edirəm, bəlkə bütün komitələr məruzə etsinlər, sonra ümumi qaydada müzakirə aparaq. Ziyafət müəllim, təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Elmira Axundova.
E.Axundova. Çox sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Çıxış etmək istədiyim məsələ dini radikalizmə qarşı mübarizə ilə bağlı Cinayət Məcəlləsinə təklif olunan dəyişikliklərə, yəni 6-cı məsələyə aiddir. Göründüyü kimi, dini radikalizm və fanatizmlə əlaqəli bir çox qanunlara dəyişiklik nəzərdə tutulur. Heç şübhəsiz ki, bu, günümüzün tələbidir. Dünyada və regionda baş verən proseslər fonunda bu addımların atılması, dini radikalizmlə mübarizənin sərtləşdirilməsi labüddür. Əgər yadınızdadırsa, biz bir müddət əvvəl ictimai yerlərdə girişlərin, metro, teatr, ali məktəb və ticarət mərkəzlərinin metal axtaran qurğularla təchiz olunmasını təklif etmişdik. Tədricən bəzi ictimai yerlərdə bu proseslərə başlanılıb. Amma yenə təkrar edirəm, qanunvericilikdə edilən dəyişikliklərlə yanaşı, qeyd etdiyim həmin məsələnin daha sürətlə icrasına başlamaq lazımdır. Bu da günümüzün tələbidir.
Ümumilikdə qeyd etməliyəm ki, 6–17-ci məsələlərdə qanunvericilik aktlarına təklif olunan dəyişiklikləri dəstəkləyirəm. Amma bununla belə bir sıra təkliflərimi də qeyd etmək istərdim. İlk olaraq  Cinayət  Məcəlləsinin  167-1. 4-cü maddəsinə toxunaq. Burada qeyd olunur: “Bu Məcəllənin 167-1.1-ci maddəsində nəzərdə tutulmuş əməllər dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədildikdə yeddi min manatdan doqquz min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır”. Hesab edirəm, bu cür əməllərdə alternativ yazıların nəzərdə tutulması doğru deyil. Yəni bu əməllərə görə birbaşa azadlıqdan məhrumetmə cəzası tətbiq edilməlidir. Necə ki, 167-1.5-ci maddədə edilir. Bu əməllərin maliyyələşdirilməsinə görə, iki ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə nəzərdə tutulur, başqa alternativ cəza yoxdur. Bu metodu biz 167-1.1-ci maddəyə də gətirə bilərdik.
Qeyd etdiyim digər məsələ 279.1-1-ci maddə ilə bağlıdır. Həmin maddəyə əsasən dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində bu məcəllənin 279.1-ci maddəsində nəzərdə tutulan silahlı birləşmələr və ya qruplar yaratma, həmin birləşmə və ya qruplarda iştiraketmə altı ildən on ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Ancaq həmin birləşmə və ya qrupları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika və ya digər ləvazimatlarla təchiz edənlərə, yaxud bu birləşmələrin yaradılmasında birbaşa iştirak etməsələr də, sonradan həmin birləşmələri maliyyələşdirənlərə qarşı burada sanksiyalar nəzərdə tutulmur. İstərdim ki, Cinayət Məcəlləsində bu məsələyə də diqqət ayrılsın və daha ağır cəzalar nəzərdə tutulsun, çünki bu cür dini radikalizmin kökündə dayanan məhz maliyyə məsələləridir. Biz ilk növbədə bu maliyyə axınının qarşısını almalıyıq.
283.1-1-ci maddəyə görə, 283.1-ci maddədə nəzərdə tutulmuş əməllər dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədildikdə üç ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Lakin 283.3-cü maddədə bunların maliyyələşdirilməsinə görə də üç ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə nəzərdə tutulur. Mən isə hesab edirəm ki, maliyyələşdirmə dini radikalizmdə ən əsas amildir. Ona görə, iştirakçılara da üç ildən beş ilədək və maliyyələşdirənlərə də üç ildən beş ilədək cəza düzgün deyil. 283.3-cü maddədə maliyyələşdirənlərə daha ağır cəzanın tətbiq olunmasını təklif edərdim. Xahiş edirəm, qeyd etdiklərim nəzərdən keçirilsin və müvafiq dəyişikliklər edilsin. Ümumilikdə isə dini radikalizm və dini fanatizmlə bağlı 6–17-ci məsələlərdə qanunvericilik aktlarına edilən dəyişiklikləri dəstəkləyirəm.
Sədrlik edən. Sağ olun. Musa Qasımlı.
M.Qasımlı. Hörmətli sədarət və hörmətli millət vəkilləri! Cənab Prezidentimiz tərəfindən müvafiq qanunlara edilən əlavə və dəyişikliklərə səs verəcəyəm. Bu əlavə və dəyişikliklər qətiyyən ölkəmizdə fəaliyyət göstərən dinlərə qarşı yönəlməyib. Əslində, həmin dinlərin fəlsəfəsini, mahiyyətini, təməlini qorumağa yönəlib. Nə üçün səs verəcəyəm? İlk növbədə bu əlavə və dəyişikliklər millətimizin birliyini və bütövlüyünü, dövlətimizin təməllərini qorumağa yönəlib. Biz qətiyyən imkan verə bilmərik ki, hər hansı bir dini qruplaşma, radikal və ekstremist qruplaşma dövlətimizin dünyəvi təməllərini sarsıtsın. Biz qətiyyən yol verə bilmərik ki, din siyasətin işinə qarışsın. Bizdə din dövlətdən ayrıdır, dövlət dindarlar üçün bütün şəraiti yaradıb, amma dinin radikallaşmasına qətiyyən yol vermək olmaz. Biz ölkəmizin qaranlığa, xaos və anarxiyaya sürüklənməsinə qətiyyən yol verə bilmərik.
Bir neçə məsələ barədə tezis olaraq öz fikirlərimi söyləmək istəyirəm. Burada detallara getmək fikrim yoxdur. Bundan əvvəlki Milli Məclis iclasında hörmətli həmkarımız Məlahət xanım İbrahimqızı internetlə bağlı bəzi məqamlara toxundu. Amma heç kəsə sirr deyil ki, bu gün bir çox dini qruplaşmaların imamları internet vasitəsilə müraciət edirlər. Onların heç məscidlərə və digər dini yerlərə getmələrinə ehtiyac yoxdur. Bu, çox diqqətə alınası və bizim üçün təhlükəli olan bir məsələdir.
İkinci, hörmətli Ziyafət müəllim, bizim ictimaiyyətimiz, millət vəkilləri və bütün vətəndaşlar bilməlidirlər ki, dövlətə, onun polisinə qarşı silah işlədən və ya buna cəhd edən dərhal məhv edilməlidir. Təbliğat aparan isə qanunların sərt tələbləri qarşısında cavab verməlidir. Biz dövlətimizin dünyəvi təməllərinin sarsıdılmasına yönəlmiş bütün cəhdlərin qarşısını qətiyyətlə almalıyıq. Bundan ötrü də kütləvi informasiya vasitələri, ictimaiyyət, ailələr mütləq fəal olmalıdırlar. Bir az əvvəl xaricdə təhsil alıb, gəlmiş şəxslərin fəaliyyəti ilə bağlı fikirlər səsləndirildi. Mən mətbuatın mənim söylədiklərimi verməməsini xahiş edirəm. Hörmətli Ziyafət müəllim, bu 25 ildə xaricə təhsil almağa gedənlər təkcə öz istəkləri ilə getməyiblər. Onlar gələcəkdə də gedəcəklər. Bu, çox həssas məsələdir və burada bu həssaslığı, mənə elə gəlir, gözləməyə dəyər. Çünki biz bundan qaça bilməyəcəyik. Hesab edirəm ki, bu insanlar könüllü getməyiblər, kimlər tərəfindənsə də aparılmayıblar. Bizim müəyyən qurumlarımız var. Nəyi demək istəyirəm. Hörmətli Siyavuş müəllim dedi, mən də tamamilə şərikəm. Din xadimləri Azərbaycanın özündə hazırlanmalıdırlar. Bakı İslam Universitetinin fəaliyyəti gücləndirilməlidir, Bakı Dövlət Universitetində İlahiyyat fakültəsi var, onun da fəaliyyəti gücləndirilməlidir. Bu məsələlərdə bir az boşluğa yol verilən, o cəmiyyətdə dini radikalizm ayaq açır, sonradan təhlükəyə çevrilir və onun qarşısını almaq olmur. Ona görə hesab edirəm ki, biz bu qanunlara səs verməliyik, ictimaiyyətimiz də bunu fəal müdafiə etməlidir. Kütləvi informasiya vasitələrimiz, xüsusən televiziyalarımız onun mahiyyətini dərindən açmalıdırlar ki, bu, dinə qarşı yönəlməyib, vətəndaşın təhlükəsizliyinin və dövlətimizin təməllərinin qorunmasına yönəlib. Biz ölkəmizi və dövlətimizi bütün yad təsirlərdən, radikalizmdən qorumalıyıq. Diqqətinizə görə təşəkkür edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Qənirə Paşayeva.
Q.Paşayeva. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Ziyafət müəllim, mən də, icazə olarsa, bu istiqamətdəki bütün məsələlər üzrə münasibətimi bildirmək istərdim. Çünki bu mövzu hesab edirəm ki, ölkəmiz və millətimizin gələcəyi üçün çox vacib bir mövzudur və mən bu məsələlərlə bağlı əlavə və dəyişikliklərin hamısını ciddi şəkildə dəstəkləyirəm. Jurnalist fəaliyyətim ilə əlaqədar bu günə qədər bütün müsəlman ölkələrini görən, oradakı vəziyyəti bilən bir insan kimi bunu söyləmək istəyirəm ki, bütün bu məsələləri xalqımıza geniş şəkildə maarifləndirmə yolu ilə çatdırmaq lazımdır. Azərbaycan müsəlman ölkələri içərisində bəlkə də birinci sırada dayanır, çünki Azərbaycanda heç bir zaman dövlətin siyasətində, hökumətin siyasətində məqsədli yanaşma olmayıb. İnsanlarımız arasında məqsəd yanaşması, təriqət yanaşması kimi anlayışlarda gərginlik olmayıb. Biz ölkəmizdə bu dəyərlərimizə daha çox sahib çıxmalıyıq, çünki bu gün din pərdəsi altında, dinin adından istifadə edərək bir çox qrupların nələr törətdiyini hamımız görürük, bunun şahidiyik.
Mən iki gün bundan öncə İraq türkmən cəbhəsinin başkanı Elşad Salehiyə zəng etmişdim. İraqda, ən çox Kərkükdə bizim soydaşlarımız yaşayır. Orada vəziyyət çox ağırdır. Nədən? Çünki din pərdəsi altında terror fəaliyyəti ilə məşğul olan qruplar, ən çox da İŞİD terror təşkilatı orada insanların başına oyun açır. Onlar bizim insanlarımızdır. Həmin şəxs orada çəkilən əziyyətlərdən danışırdı və Azərbaycanın hər zaman onlara sahib çıxıb, dəstək olduğunu deyirdi. O söyləyirdi ki, biz inanırıq, bundan sonra da Azərbaycan bizə hər platformada daha çox dəstək verəcək, sahib çıxacaq. Mən də inanıram ki, biz onların səsini daha çox duyacağıq və gücümüz çatdığı qədər hər zaman olduğu kimi, yanlarında olacağıq. Biz bu qruplarla daha ciddi mübarizə aparmalıyıq.
Bir neçə gün bundan öncə sosial şəbəkədə yəqin ki, hamımız Lalə Yusifova adında bir azərbaycanlı qızının videosunu izlədik. O uşağın atasının xəbəri belə olmadan qonşuluğa köçən adamlar onun anasının beynini gözəl “yuyublar”, sonra bu gənc qadını iki körpə qızı ilə göndəriblər o cəhənnəmin içərisinə. O uşağın ürək acısı ilə dediyi sözlər bunlar idi: “Ata, mən səni görmək, o videonu izləmək istəyirəm, amma buralara bomba düşsə, mən səni görə bilməyəcəyəm”. Bu, kiçik yaşlı bir qızın fəryadı idi və bu fəryad bizi bu məsələlərdə daha ciddi olmağa çağırır. Bunlar bizim vətəndaşlarımızdır və kimlərsə gəlib, onların beyinlərini “yuyaraq”, Suriyaya və digər ölkələrə aparırlar. Təbii ki, buna qarşı mübarizə daha da güclənməlidir və bizim hüquq mühafizə orqanları bu istiqamətdə işlər görürlər. Siyavuş müəllimin, Mübariz müəllimin rəhbərliyi ilə komitə çox ciddi işlər görür, – burada Fazil müəllim də vurğuladı, – çox ciddi işlər görülür. Amma bizim bu məsələlərdə mövqeyimiz birmənalı olmalıdır. Burada xaricdə təhsillə bağlı deyildi, mən xaricdə təhsilin tərəfdarıyam, amma din sahəsində həssas olmalıyıq. Niyə? Söhbət o uşaqların səmimiyyətindən getmir, söhbət ondan gedir ki, müsəlman ölkələrinin demək olar ki, əksəriyyətində ali dini təhsil ocaqlarında ya məzhəb, ya da təriqət anlayışından yanaşma var və o təhsil ocaqlarında oxuyan uşaqların bir çoxu istər-istəməz bu təsirlərə məruz qalır. Ona görə, mən Siyavuş müəllimin o fikrini dəstəkləyirəm ki, biz öz ölkəmizdə din adamlarımızı yetişdirmə məsələsinə baxmalıyıq. Çünki xaricdən gələnlər ölkəmizdə ya məzhəb, ya da təriqət üzərindən insanlarımızın, əsasən, gənclərimizin fikir və düşüncələrini dəyişdirirlər, sonra bundan istifadə edirlər. Nəticədə gərginlik daha da artır. Dini ekstremizmlə məşğul olanlarla çox ciddi şəkildə mübarizə aparmalıyıq. Çünki Azərbaycan xalqının zənginliyi ondadır ki, burada müxtəlif dinlərin mövcud olmasına baxmayaraq, heç zaman insanlar arasında bu anlayışlar üstündə gərginlik olmayıb. Ona görə də bəzi ölkələrdən din pərdəsi altında ölkəmizə gələn bütün zərərli cərəyanlarla birmənalı mübarizə aparmalıyıq.
Mən burada KİV-lə bağlı deyilənləri də dəstəkləyirəm. Biz hər zaman KİV-lərimizə, söz azadlığına, mətbuat azadlığına özəl diqqət vermişik. Amma bəzi KİV-lərdə, özəlliklə sosial mediada və saytlarda, – burada həmkarlarım Musa müəllim və Fazil müəllim dedilər, – böyük güc olan söz azadlığından çox çirkin məqsədlərlə istifadə edənlər var və onların hədəfləri də bizim vətəndaşlarımızdır. Ona görə, hesab edirəm, bu məsələni nəzarətdə saxlamalı və müzakirə etməliyik ki, necə edək, insanlarımız bu zərərli təsirə məruz qalmasınlar. Bu səbəbdən mən bütün bu dəyişiklikləri dəstəkləyirəm. Bu istiqamətlərdə, – burada bir daha vurğulandı, – qanunlar qəbul olunur, əlavə və dəyişikliklər edilir. Amma KİV-lərimizin üzərinə də böyük vəzifə düşür ki, cəmiyyətimizin doğru istiqamətdə maarifləndirilməsi getsin, dövlətimizin bu istiqamətdə əldə etdiyi uğurlardan geriyə addım atmayaq, o zərərli təsirlərin ölkəmizdə yayılmasına imkan verməyək. Sağ olun.

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri
O.Əsədov  sədrlik  edir

Sədrlik edən. Sağ olun. Hikmət Məmmədov.
H.Məmmədov. Hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri! Düşünürəm ki, çox vacib bir qanunun qəbul olunmasına səs verəcəyik. Bu qanun ölkəmizdə həm ictimai-siyasi sabitliyin təmin olunması baxımından, həm də dinin düzgün təbliğ olunması baxımından olduqca əhəmiyyətlidir. Hörmətli komitə sədrlərimizin hər ikisi bu qanunla bağlı əlavə və dəyişiklikləri çox yaxşı əsaslandırdı. Ancaq mənim qısaca bir təklifim var, ona görə söz aldım. Burada qeyd olunur ki, dinə, etiqada məcburetmə. Tamamilə doğrudur. Amma əksər hallarda biz məcburetməni güc kimi başa düşürük və dinə etiqadetmədə daha çox təbliğetmə, təşviqetmə yolunun şahidi oluruq. Bu proses belə gedir. Yəni heç kəs güc tətbiq etməklə kimisə dini etiqada gətirə bilmir. Ona görə də mən təklif edirəm ki, buraya əlavə edək: “dinə etiqad etməyə şövqetmə və məcburetmə”. Çünki bu qanun sabah hüquqi müstəvidə tətbiq olunanda məcbur etmək, şövqetməni də isbat etmək üçün bizə başqa faktlar lazım olacaq. Burada hər iki nüans mümkündür, yəni var. Əgər nəzərə alsanız, sevinərəm.
İkinci bir məsələ xaricdə təhsil alan din xadimləri ilə bağlıdır. Əslində, mən belə düşünürəm ki, bəlkə yeri deyil, amma bunu deyəcəyəm. Dünyəvi ali təhsili olmayan adamın 18 yaşında ilahi fəlsəfə ilə tanış olması, bir qədər düşünürəm ki, tezdir. Bəlkə qanunlarımızda dəyişiklik edək ki, ali təhsilli şəxs xaricdə və Azərbaycanda dini təhsil ala bilər. Amma əvvəl dünyəvi fəlsəfə ilə tanış olsun, bazası formalaşsın ki, onun şüuru ilə manipulyasiya etmək, ona hansısa ideologiyanı təbliğ etmək asan olmasın. Əgər bu olsa, düşünürəm ki, faydalı olar. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm. Hörmətli həmkarlar, mən buradakı narahatçılıqları bölüşərək mövqeyimi və təkliflərimi səsləndirmək istəyirəm. Azərbaycan islam ölkəsidir, lakin islam dövləti deyil. Biz də dini dövlətdən ayrı tutan müxtəlif ölkələr kimi bəyan edirik ki, biz dinə etiqad edən insanlarla müttəfiqik, onlarla bərabərik, birgəyik. Lakin din dövləti qurmuruq. Bizim bayrağımızın da 3 rəngdən ibarət olmasının mənası odur ki, bu dövlət 3 rəngin, 3 siyasətin, 3 fundamentin üzərindədir. İş də elə gətirib ki, o rənglərin hamısı proporsionaldır. Biri o birindən çox deyil. Bizim bayrağımız, sadəcə, yaşıl rəngdən ibarət deyil. Ona görə də bizim bugünkü çıxışlarımız, aparılan dəyişikliklər qətiyyən dindarlara, din toplularına qarşı deyil. Əksinə, dövlətin, cəmiyyətin, millətin təhlükəsizliyini qorumaq üçündür.
İkincisi, beynəlxalq təcrübədə bu məhdudiyyətlər əksər ölkələrdə tətbiq olunmaqdadır. Mən, əlbəttə, islamafobiyanı yaşayan Avropa ölkələrindən nümunə gətirmək istəmirəm. Amma məsələn, Fransada hicab, çarşab və sair açıq-aşkar qadağan olunub. Bunu da demək lazımdır ki, o ölkələrdə əvvəlki dövrdə digər dinlərə də bərabər yanaşdıqlarını göstərmək üçün məktəblərdə və universitetlərdə xristianlıqla bağlı atributları qadağan edirdilər. Yəni İsa Məsihin təsviri, xaç gəzdirmələr və sair kəskin şəkildə azaldılıb və qadağan edilib. Əlbəttə ki, hədəf müsəlmanlardır. Onlar istəyirlər ki, bu vasitə ilə daha çox islam etiqadlarını cəmiyyətdən kənarlaşdırsınlar. Amma yeri gəlmişkən, keçmiş sovet xalqlarının hamısında bu ənənə gedəcək. Müəyyən bir dövr var və bu dövrdən sonra dinə münasibət xeyli sabitləşəcək. Öz-özünə olmayacaq, təbliğat olacaq, dövlətin fərqli yanaşmaları olacaq.
İstəyirəm, sizə Avropa ölkələrində dinə etiqadın faizini söyləyim. Bunu da artıq bütün başqa indikatorlar kimi ölçürlər. Fransada, Norveçdə bu rəqəm 30 faizdən artıq deyil. O cəmiyyət qanunsuzdur, ədalətsizdir, dinsizdir, dinsiz olduğuna görə, dinə etiqad etmədiyinə görə qanundan kənardır, heç kim onları düşünmür. Ateistdir, heç kim o cür düşünmür. Yəni din şəxsin fərdi inam hadisəsidir. O, inamdan çıxıb, siyasi hadisəyə, ideologiyaya və sairə çevrilirsə, bu, artıq təhlükəlidir. Allahın peyğəmbərimiz vasitəsilə göndərdiyi Quran birdir. Amma hər müsəlman ölkəsi onu istədiyi kimi təqdim edir. Bizim də qorxumuz bu dini ixrac siyasətinə çevirəndə ondan gözlədiyimiz təhlükədir.
Bununla bağlı bir neçə təklif səsləndirmək istəyirəm. Azərbaycanda heç kim üç min şəxsi casus, başqa ölkənin ideologiyasının birbaşa daşıyıcısı elan etmir. O insanlar da bizim doğmalarımızdır, qardaşlarımızdır. Onlar hansısa bir mərhələdə gediblər, indi də deyirlər ki, necə olur, xaricdə mühəndis təhsili alıb, gələn adama meydan verirsiniz, amma bizə yox? Bunun sadə cavabı var. Əlbəttə, bu cavab hamımıza bəllidir. Amma bu məsələnin ən yaxşı çözümü bu prosesi, yəni dini ayinləri icra etmək üçün səlahiyyəti, lisenziyalaşdırma siyasətini müvafiq dövlət qurumuna, yəni Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə və Qafqaz Müsəlmanları İdarəsinə verməkdir. Bu seçim elə şəkildə aparılacaq ki, ən sonda bir müsabiqə ilə əmin olacağıq ki, bu adamların təkcə dini bilikləri deyil, eyni zamanda, ideologiyası, ağlı, təfəkkürü bu millətə bağlıdır.
İkinci təklif. Mən ötən dəfə söylədim, xaricdə verilən pulsuz təhsilə rəğmən insanlarımız oraya gedirlər, məsələn, Qum şəhərində təhsil o insanlar üçün məhz buna görə cəlbedicidir. Biz öz din xadimlərimizi yetişdirmək istəyiriksə, Bakı İslam Universitetində təhsil pulsuz olmalıdır. Mən hesab edirəm ki, dövlət gələcəkdə o məqamları nəzərə alıb, bu xərci çəkə bilər.
Başqa bir məsələ. Fanatizmi nə doğurur? Uşaqlarımızın kütləvi olaraq namaz qılmasını, dini ibadətlərə meyil etməsini heç kim təhlükə hesab etmir. Əlbəttə, bu insanlar sonradan müxtəlif libaslara bürünərək məktəblərə gəlirlər. Biz nə qədər bəyan etsək də, təhsil dindən ayrıdır, bunun qarşısını ala bilmirik. Xüsusilə də Fətullah Gülən sübut etdi ki, doğrudan da, çox ciddi problemlər çıxa bilir. Bəs biz nə edək? Ya söyləməliyik ki, uşaqlar özləri də məcburən, dərk etmədən bu prosesə, sadəcə, təbliğat vasitəsilə qoşulurlar, ya da bəyan etməliyik ki, onların basqı altında dinə meyilləndirilməsinin özü müəyyən bir inzibati məsuliyyət yaradır, o cümlədən məktəblər din daşıyıcıları üçün vahid formanı qəbul etmirlər. Vahid forma ilə bu məsələnin üzərinə getmək olardı. Bu, alınmadı. Amma bütün din daşıyıcıları üçün dini libasda gəlmək qadağan olunur və bu proses, məncə, işləmiş olacaqdır.
Konstitusiyanın əsaslarını sarsıtmağa görə cəzanın sərtləşdirilməsi. Bunu müxtəlif siyasi, ideoloji, millətçi dairələr eləyəndə, təbii ki, biz onları cəzalandırırıq, amma bunu din bayrağı altında həyata keçirmək daha təhlükəli sayılır. Çünki bizim ölkəmiz də başqaları kimi xilafət quruculuğundan kənardadır. Mən istəyirəm deyəm, burada da söyləndi, sosial şəbəkələr bu işdə böyük rol oynayır. Dünən Dövlət Təhlükəsizlik Xidməti üç şəxsə qarşı “Qafqaz camaatı” adı ilə keçirilən əməliyyatı təqdim etdi. Əlbəttə, Suriya və başqa ölkələrə bu cür gedən insanlarımız çox təəssüf hissi ilə deyək ki, olub, yenə də var. Ancaq orada, məlumatda da söylənmişdi, müxtəlif imamlara tapınmalar, etiqad, maliyyə yardımları, tapşırıqların alınması sosial şəbəkə üzərindən həyata keçirilib. Ona görə də biz KİV deyəndə, virtual medianı bunun içərisinə qatmamışıq. Əlbəttə, o da bir nüvə silahı kimidir, yəni onu tənzimləmək asan deyil. Nüvə silahını tutmaq nə qədər çətindirsə, virtual şəbəkələri idarə etmək də bir o qədər çətindir. Müxtəlif cilovlama və təhlükəsizlik proqramları ilə bunların üzərinə getmək olar. Amma hörmətli Fazil müəllim də qeyd etdi, açıq təbliğat aparan saytlar və öz adları ilə çıxış edən virtual profil daşıyıcıları var. Heç olmasa, bu məsələdə biz real addımlar ata bilərik.
Burada hörmətli Siyavuş müəllim qeyd etdi, bizdə 2160-a qədər məscid var. Dövlət bu illər ərzində dinlə əməkdaşlıq və tərəfdaşlıq edib. Ancaq mən məscidlərin inşası ilə bağlı demək istəyirəm. Bəlkə də bu, din mövzusudur. Amma məscidlərin o formada tikilməsi hansı sənədlərdə təsdiq olunub? Hörmətli Mübariz müəllim çox dəyərli insandır, bu təyinat da çox uğurlu təyinatdır. Bu məsələni ondan da soruşdum. Kilsənin model kimi göstərilməsi nə deməkdir? Bir dəfə Amerikada, ya Avropa ölkəsində olan şəxs orada kilsəyə gedəndə nə görür? Görür ki, kilsə, sadəcə, etiqad yeri deyil, kilsənin bir hücrəsində kitabxana var, o biri hücrəsində kompüterlər qoyulub, hansısa konkret saytlara giriş tənzimlənib. Üçüncü hücrədə yaşı 75-dən yuxarı insanların hansısa dini ayinlər icra etmələri üçün şərait yaradılıb. Dördüncü bir hücrədə müxtəlif azuqələr, geyim əşyaları qoyurlar ki, ehtiyacı olanlar götürsünlər, ancaq bilməsinlər ki, bu yardımı kimdən alırlar. Bizdə isə məscidin ancaq bir obrazı, bir forması, bir arxitekturası var. Etiqad etdim, namaz qıldım, çıxdım. Orada kitabxana olsaydı, nə olardı ki? Mən hesab edirəm, bu da çox önəmli məsələdir. Gələcəkdə buna da mütləq baxılmalıdır.
Sonda ziyarətgahlarımız haqqında demək istəyirəm. Bu ölkədə min illərin ənənəsi yaşayır, hətta sovet dövründə ateist cəmiyyəti bunu qadağan edə bilmədi. Ancaq burada şəffaflıq olmalıdır. Ziyalılığından, elmindən asılı olmayaraq o insanlar buna yenə də inanır, qutulara öz yardımlarını atırlar. Çox gözəl, biz heç kimin pulunu saymaq fikrində deyilik, amma bu, şəffaf olmalıdır. Yəni o yardımlar sonra necə yönləndirilir, necə xərclənir, hansı kimsəsizlərə və ehtiyacı olanlara verilir? Bunun özü dinin cəmiyyətdə mövqeyini gücləndirər, xilafətin qarşısını alar. Dinə inamı da artırmış olar. Mən bu sənədi çox mühüm hesab edirəm və ona səs verəcəyəm.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, gündəliyin 6-cı məsələsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.25 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

Sağ olun, qəbul edildi.
Gündəliyin 7-ci məsələsinə münasibət bildirək.
 
Səsvermənin nəticələri (saat 13.26 dəq.)
Lehinə 96
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti 8-ci məsələ “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədədir. Buyursun Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Bu da həmin o paket çərçivəsində olan qanun layihəsidir. Amma həmkarlarıma da təşəkkür edirəm ki, bunların hər birinə dəstək verdilər. Bəzi məsələlər qaldırıldı, bu barədə bir neçə kəlmə ilə fikrimi bildirmək istəyirəm. Zahid müəllimin qaldırdığı məsələlərlə bağlı qeyd etmək istəyirəm ki, Azərbaycanda məscidlərdə kifayət qədər kitabxana fəaliyyət göstərir, kompüter bazası da var, ən müasir standartlara uyğun məscidlər də tikilib. Elə Heydər məscidini deyə bilərik ki, Qafqazda ən böyük məsciddir, öz fəaliyyətini çox yüksək şəkildə davam etdirir. Şamaxıda və Gəncədə ən qədim məscidlər Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Onların ayrı-ayrı hücrələrində qeyd olunan məsələlər var. Amma bəzi məscidlərdə bunlar yoxdur. Naxçıvan Muxtar Respublikasındakı məscidlərin hamısında kompüter sistemi, o cümlədən kitabxanalar fəaliyyət göstərir, ehsanlar verilir və sair.
İkinci məsələ. Burada nəzir qutuları ilə bağlı bir məsələ qaldırıldı. Orada o qədər də vəsait toplanmır. Amma Qafqaz Müsəlmanları İdarəsi həm xeyli sayda insanın müalicə olunmasına, həm həcc ziyarətinə göndərilməsinə, həm də digər məsələlərin həll olunmasına vəsait ayırır. Bilirsiniz ki, bu idarə dövlətdən maliyyələşmir, ancaq bu cür gəlirlər hesabına maliyyələşir və tam şəffaf şəkildə də qazilər şurasında hesabat verilir, təqdim olunur. Biz hamımız orada iştirak edirik və bunun şahidiyik.
İndi sizə təqdim olunan layihədə söhbət nədən gedir? Bizim dekabr ayında qəbul etdiyimiz qanunda dini icmanın ləğv olunması məsələsidir, yəni 12-1-ci maddəyə 3.1-ci bənd əlavə edirik, yəni dini ekstremist fəaliyyətlə məşğulolma.
Bir şeyi də sizin nəzərinizə çatdırmaq istəyirəm. Oqtay müəllim, müxtəlif dövrlərdə dini komitələrə sədrlik etmiş şəxslərin marağı nəticəsində Azərbaycanda 719 müxtəlif dini icma qeydiyyatdan keçib. Onun müsəlmanı da var, xristianı da var, başqa dinə xidmət edəni də var. Kifayət qədər də qeydiyyatdan keçməyən bu cür qurumlar var. Bu baxımdan onların ləğv olunması ilə əlaqədar bugünkü qanuna belə bir maddə əlavə etmişik ki, istər qeydiyyatdan keçən, istərsə də qeydiyyatdan keçməyən hər hansı bir icma dini ekstremist fəaliyyətlə məşğul olacaqsa, onun fəaliyyəti dərhal dayandırılacaq. Bu gün evlərdə çox sayda qeydiyyatdan keçməyən icmalar fəaliyyət göstərir. Burada insanları müxtəlif maddi həvəsləndirmə yolu ilə başqa-başqa təriqətlərə yönəldirlər. O baxımdan da biz gərək bu qanunlarımızda hər şeyi ciddi şəkildə əks etdirək ki, bu qanunsuz fəaliyyət növləri qapansın. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Aytən Mustafazadə.
A.Mustafazadə. Təşəkkür edirəm. Mənim “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə layihəyə redaktə şəkilli bir neçə təklifim var. Qanun layihəsinin 12.1-ci maddəsinin dördüncü bəndində “terrorçuluğa, terrorçuluğun maliyyələşdirilməsinə, təxribata və ya zorakı cinayət əməllərinə yönəlmiş hərəkətlərin edilməsi”nin aşağıdakı redaksiyada verilməsi daha məqsədəuyğun olardı: “terrorçuluğa, terrorçuluğun maliyyələşdirilməsinə, təxribata və ya zorakı cinayət əməllərinə, o cümlədən insanların həyatına, şəxsiyyətinə, hüquq və azadlıqlarına dini motivlərlə qəsd edilməsinə yönəlmiş hərəkətlərin edilməsi”.
İkincisi, qanunun 1-ci maddəsinin birinci abzasında göstərilir: “Hər kəsin hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır”. Həmin abzasın aşağıdakı redaksiyada verilməsi məqsədəmüvafiq olardı: “Hər kəsin insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlər (dini cərəyanlar) istisna olmaqla, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır”.
Üçüncüsü, biz bilirik ki, indi Azərbaycanda çox sayda təriqətlər fəaliyyət göstərir. “Dini etiqad azadlığı haqqında” Qanunun 1-ci maddəsinin ikinci abzasında göstərilir ki, şəxsin dini etiqadını ifadə etməsinə, ibadətlərdə, dini ayin və mərasimlərdə iştirak etməsinə və ya dini öyrənməsinə hər hansı maneə törədilə bilməz. Həmin abzasın aşağıdakı redaksiyada verilməsi təklif olunur: “Şəxsin dini etiqad və əqidəsini ifadə etməsinə, ibadətlərdə, dini ayin və mərasimlərdə iştirak etməsinə və ya dini öyrənməsinə hər hansı bir maneə törədilə bilməz”.
Dördüncü, həmin qanunun 1-ci maddəsinin dördüncü abzasında göstərilir: “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğat aparılması qadağandır”. Lakin Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 12.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında 5 ildən az olmayaraq daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Prezident seçkiləri, Milli Məclisə seçkilər, Bələdiyyə seçkiləri və ya referendum zamanı səsvermədə iştirak edə bilərlər. Aktiv seçki hüququna malik olan belə şəxslərə dini təbliğat aparılması hüququnun şamil edilməsi prinsip etibarilə mümkündür. Bu baxımdan, həmin abzasın aşağıdakı redaksiyada verilməsi məqsədəmüvafiq olardı: “Əcnəbilər və Azərbaycan Respublikasında 5 ildən az olmayaraq daimi yaşayan vətəndaşlığı olmayan şəxslər istisna olmaqla, vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğat aparılması qadağandır”.
Beşincisi, qanunun 4-cü maddəsinin birinci abzasında göstərilir ki, hər kəs dini mənsubiyyətindən asılı olmayaraq qanun və məhkəmə qarşısında bərabərdir. Şəxsin dini mənsubiyyətinin rəsmi sənədlərdə göstərilməsinə yalnız onun arzusu ilə yol verilir. Həmin abzas aşağıdakı redaksiyada təklif olunur: “Hər kəs dini mənsubiyyətindən və əqidəsindən asılı olmayaraq qanun və məhkəmə qarşısında bərabərdir. Şəxsin dini mənsubiyyətinin rəsmi sənədlərdə göstərilməsinə yalnız onun arzusu ilə yol verilir. Qanunun yol verdiyi hallar istisna olmaqla informasiya texnologiyalarından əqidəyə və dini mənsubiyyətə dair məlumatların açıqlanması üçün istifadə edilə bilməz”.
Altıncı, “Dini etiqad azadlığı haqqında” Qanunun 4-cü maddəsinin ikinci abzasının birinci cümləsində göstərilir ki, öz dini əqidəsinə görə heç kəs qanunla müəyyən edilmiş vəzifələrin icrasından imtina edə və ya boyun qaçıra bilməz. Həmin cümlənin aşağıdakı redaksiyada verilməsini təklif edirəm: “Öz dini əqidəsinə görə heç kəs qanunla müəyyən edilmiş vəzifələrin, habelə qanunla və ya müqavilə əsasında yaranan mülki hüquq öhdəliklərinin icrasından imtina edə və ya boyun qaçıra bilməz”.
Yeddinci, qanunun 5-ci maddəsinin üçüncü abzasının birinci cümləsində göstərilir ki, bütün dinlər və dini qurumlar qanun qarşısında bərabərdir. Təklif olunan redaksiyada belədir ki, bütün dinlər və dini qurumlar qanun və məhkəmə qarşısında bərabərdirlər.
Səkkizinci, qanunun 2-ci maddəsinin ikinci abzasının üçüncü cümləsində göstərilir ki, ərizəyə, habelə vətəndaşlığı, yaşayış yeri və doğum tarixi göstərilməklə dini icmanı təsis edən şəxslərin siyahısı, şəxsiyyətlərini təsdiq edən sənədlərin surəti, dini təlimin əsasları, o cümlədən dini icmanın yaranması tarixi, onun fəaliyyətinin forma və metodları, ənənələri, ailəyə, nikaha və təhsilə münasibət, həmin icmanın üzvlərinin hüquqi vəzifələrinə qoyulan məhdudiyyətlər haqqında məlumatlar, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş digər sənədlər əlavə edilir. Təklif olunan variant: “Ərizəyə, habelə vətəndaşlığı, yaşayış yeri və doğum tarixi göstərilməklə dini icmanı təsis edən şəxslərin siyahısı, şəxsiyyətlərini təsdiq edən sənədlərin surəti, dini təlimin əsasları, o cümlədən dini icmanın yaranması tarixi, onun fəaliyyətinin forma və metodları, ənənələri, ailəyə, nikaha, hərbi xidmətə və təhsilə, eləcə də qanunvericiliyə, demokratik, unitar və dünyəvi dövlətçiliyə hüquqi münasibət, həmin icmanın üzvlərinin hüquqi vəzifələrinə qoyulan məhdudiyyətlər haqqında məlumatlar, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş digər sənədlər əlavə edilir.
Növbəti düzəliş. Qanunun 12.1-ci maddəsində dini qurumların məhkəmə qaydasında ləğv edilməsi əsaslarının sırasına aşağıdakı əsasın da daxil edilməsi təklif olunur: “Demokratik, hüquqi, dünyəvi, unitar dövlətçilik əleyhinə təbliğat və çağırışlar”.
Qanunun 16-cı maddəsinin birinci abzasında göstərilir: “Dini qurumlar dövlətin, ictimai təşkilatların və vətəndaşların müqavilə əsasında onlara verdikləri binalardan və əmlakdan öz ehtiyacları üçün istifadə hüququna malikdirlər”. Təklif olunan variant: “Dini qurumlar dövlətin ictimai təşkilatları və vətəndaşların müqavilə əsasında onlara verdikləri daşınan və daşınmaz əmlakdan öz ehtiyacları üçün istifadə hüququna malikdirlər”.
Qanunun 18-ci maddəsinin birinci abzasında göstərilir: “Binalar, dini əşyalar, istehsal, sosial və xeyriyyə təyinatlı obyektlər, pul vəsaiti və dini qurumların fəaliyyətini təmin etmək üçün zəruri olan başqa əmlak onların mülkiyyətində ola bilər”. Təklif olunur: “Qanunla mülki dövriyyəsi qadağan olunmamış əşyalar, habelə binalar, dini əşyalar, istehsal, sosial və xeyriyyə təyinatlı obyektlər, pul vəsaiti və dini qurumların fəaliyyətini təmin etmək üçün zəruri olan başqa əmlak onların mülkiyyətində ola bilər”. Nəhayət, qanunun 20-ci maddəsinin birinci abzasında göstərilir: “Dövlətin, ictimai təşkilatların və ya ayrı-ayrı vətəndaşların dini qurumların...
Sədrlik edən. Aytən xanım, çox böyük hövsələ ilə gözlədik, Sizə qulaq asdıq. Amma qanunun elə bir maddəsi olmadı ki, Siz ona dəyişiklik etməyəsiniz. Başqa qanundan danışırdınız, keçdiniz “Dini etiqad haqqında” Qanuna. Bahar xanım buyursun.
B.Muradova, Milli Məclis Sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri.
Çox təşəkkür edirəm, Oqtay müəllim. Bu qanun layihəsi bizim komitədə müzakirə olunub. Biz nəzərə almalıyıq ki, “Dini etiqad azadlığı haqqında” Qanunu 2015-ci ilin dekabr ayında qəbul olunmuş “Dini ekstremizmə qarşı mübarizə haqqında” Qanuna uyğunlaşdırmaqdan söhbət gedir. Adı çəkilən qanunun yalnız bir maddəsinə – 12.1-ci maddəsinə “dini ekstremist fəaliyyətlə məşğul olma” bəndinin əlavə edilməsindən söhbət gedir. Hansı ki, bu fəaliyyətlə məşğul olan dini qurumun fəaliyyəti qanun ilə qadağan edilir. Biz hazırda bu məsələdən danışmalıyıq və danışmaq istəyirik. Əlbəttə, çıxışlar, o çıxışlarda səslənən fikirlər çox maraqlıdır və hətta bizi narahat eləyən bir sıra məsələlərlə bağlı mövqelər diqqətimizi cəlb edir və biz gələcək qanunvericilik fəaliyyətində bu məsələləri nəzərə ala bilərik. Amma düşünürəm ki, neçə illər parlament üzvü olan millət vəkillərimiz qanunların müzakirəsi zamanı qarşımızda duran tələbləri nəzərə almalıdırlar. Hansı xarakterli müzakirələr getməlidir, onu nəzərə almalıdırlar. Biz burada nə “Dini etiqad azadlığı haqqında” Qanunu, nə də ayrılıqda “Dini ekstremizmə qarşı mübarizə haqqında” Qanunu müzakirə edirik.
Burada ekstremizmin ən müxtəlif növləri ilə bağlı fikirlər səsləndi. “Dini etiqad azadlığı haqqında” Qanunun bütün maddələri təftiş olundu. Əlbəttə, biz qanunların monitorinqini aparmalıyıq. Hansısa sosial sifariş əsasında dəyişilməli olan maddələrə müvafiq dəyişikliklər etməliyik. Amma onun üçün plenar iclas və ya başqa qanunun müzakirəsi seçilməməlidir. Mən çox xahiş edirəm, bu cür qiymətli fikirləri olan şəxslər həmin fikirlərini yazılı şəkildə həm İnsan hüquqları komitəsinə, həm də müvafiq komitəyə təqdim etsinlər, biz də işçi qaydada bu məsələləriə baxaq.
Oqtay müəllim, təklifim konkret olaraq bir məsələ ilə bağlıdır. Biz bu 12 qanun layihəsinə qısa bir şəkildə münasibətimizi bildirib digər qanunlara keçə bilərik. Ona görə də yoldaşlardan xahiş edirəm, bu məsələni nəzərə alsınlar. Sağ olun.
Sədrlik edən. Mən xahiş eləməkdən başqa, bir də demək istəyirəm ki, qanun layihələrini düzgün oxuyasınız və baxasınız, biz nəyi müzakirə edirik, hansı dəyişiklik olacaq. Qanun layihəsini müzakirə eləmirik. Bu dəyişikliklərə baxıb, qanun layihəsini təkrarlamağa başlayırıq. Mən sözümün əvvəlində dedim ki, bu 12 məsələ qəbul elədiyimiz qanunlara uyğun olaraq aparılan dəyişikliklərdir. Bu qanunları biz qəbul eləmişik. İndi onların maddələrində dəyişiklik aparırıq. Ona görə, belə çıxış eləmək olmaz. Xahiş edirəm, gündəliyin 8-ci məsələsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.44 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 103
Nəticə: Qəbul edildi
 
Qəbul edildi, sağ olun.
Növbəti 9-cu məsələ “Kütləvi informasiya vasitələri haqqında” Qanunda dəyişikliklər edilməsi barədədir. Buyursun Rafael Hüseynov.
R.Hüseynov, Milli Məclisin Mədəniyyət komitəsinin sədri.
Cənab Sədr, nəzərə alaraq ki, təqdim edəcəyim 4 qanun layihəsi mahiyyət etibarilə bir-birinə yaxındır və “Dini ekstremizmə qarşı mübarizə haqqında” Qanunla uzlaşdırılma səciyyəsi daşıyır. Ona görə, icazə versəniz, elə 4-nü bir yerdə təqdim edərdim, ancaq ayrı-ayrı səsə qoyulardı. Din vacib mənəviyyat hadisəsidir və cəmiyyəti onsuz təsəvvür eləmək mümkün deyil. Amma təəssüflər olsun ki, dinin yanında həmişə bir dini radikalizm, dini fanatizm, dini ekstremizm də var. Dünyanın ən müxtəlif ölkələrinin qanunvericiliyində bu istiqamətdə artıq sərtləşdirməyə cəhdlər müşahidə edilir. Təsadüfi deyil ki, məsələn, Avropa Şurasında son 5 ildə 10-dan artıq “Dinin cəmiyyətdə rolu”, “Demokratik cəmiyyətdə dinin rolu”, “dini ekstremizm” və sair haqqında məruzələr müzakirəyə çıxarılıb və onlardan üçünün müəllifi mən olmuşam.
Azərbaycan Respublikasının qanunvericiliyində “Dini ekstremizmə qarşı mübarizə haqqında” Qanunun varlığı çox ciddi əhəmiyyət daşıyır və təbii, bu qanunla bilavasitə bağlı olan digər qanunlar da var ki, onlardan bir neçəsi kütləvi informasiya vasitələri ilə əlaqədardır. Çünki kütləvi informasiya vasitələri dini ekstremizmə qarşı mübarizə üçün bir alətdir. Əks halda mənfi vəziyyət onun yayılması üçün münbit şəraitə çevrilə bilər. Ona görə də bu qanunların bir-biri ilə uzlaşdırılması qanunvericiliyin ümumi məntiqindən irəli gələn vacib hadisədir.
“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 11-ci maddələrində “Dini ekstremizmə qarşı mübarizə haqqında” Qanuna uyğun olaraq 2 dəyişiklik təklif olunur. 7-ci maddənin sonuna 2 abzas əlavə edilir: “Dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması zonasında kütləvi informasiya vasitələri işçilərinin fəaliyyəti əməliyyat aparan orqan tərəfindən müəyyən edilir. Dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat barədə ictimaiyyətə məlumatlar əməliyyat aparan orqanın müəyyən etdiyi formada və həcmdə verilir”. Digər əlavə isə 11-ci maddəyə aiddir. 11-ci maddəyə beşinci bənd əlavə edilir: “Dini ekstremizmə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsində nəzərdə tutulmuş məlumatların yayılmasına yol verilmir”. Bir daha təkrar edirəm ki, bunlar Azərbaycan Respublikasının 2015-ci il 4 dekabr tarixli qanununa uyğun olaraq “Kütləvi informasiya vasitələri haqqında” Qanunun “Dini ekstremizmə qarşı mübarizə haqqında” Qanunla uyğunlaşdırılması səciyyəsi daşıyır.
Mən digər layihələri təqdim eləməzdən əvvəl bunu vurğulamağı vacib hesab edirəm ki, qanunların uyğunlaşdırılması, qanun şəbəkəsi arasındakı rabitənin yaradılması üçün görülən bu cür prosedur qaydalı işlər birinci və ikinci oxunuş anlayışlarından fərqlənir. Birinci oxunuşun öz vəzifəsi var, ikinci oxunuşun da öz vəzifəsi var. Bu, sırf texniki səciyyəli bir məsələdir ki, bunun ətrafında belə ciddi müzakirələr açmağın, düşünürəm, əhəmiyyəti yoxdur.
İkinci təqdim eləmək istədiyim qanun layihəsi “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklərlə əlaqədardır. 12-ci maddəyə əlavə edilir: “12.1. Dini ekstremizm əleyhinə xüsusi əməliyyatlar barədə ictimaiyyətə məlumatın verilməsi. 12-1.1. Dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması zonasında kütləvi informasiya vasitələri işçilərinin fəaliyyəti  əməliyyat aparan orqan tərəfindən müəyyən edilir. 12-1.2. Dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat barədə ictimaiyyətə məlumatlar əməliyyat aparan orqanın müəyyən etdiyi formada və həcmdə verilir. 12-1.3. “Dini ekstremizmə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsində nəzərdə tutulmuş məlumatların yayılmasına yol verilmir”. Bir daha təkrar edirəm, bütün bunlar “Televiziya və radio yayımı haqqında” Qanunun “Dini ekstremizmə qarşı mübarizə haqqında” Qanuna uyğunlaşdırılması səciyyəsi daşıyır.
Digər təqdim eləmək istədiyim dəyişiklik “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun “İctimai yayım proqramlarında rəsmi məlumatların verilməsi” adlanan 11-ci maddəsinədir. “Maddə 11-1. Dini ekstremizm əleyhinə xüsusi əməliyyatlar barədə ictimaiyyətə məlumatın verilməsi. 11-1.1. Dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması zonasında kütləvi informasiya vasitələri işçilərinin fəaliyyəti əməliyyat aparan orqan tərəfindən müəyyən edilir. 11-1.2. Dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat barədə ictimaiyyətə məlumatlar əməliyyat aparan orqanın müəyyən etdiyi formada və həcmdə verilir. 11-1.3. “Dini ekstremizmə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsində nəzərdə tutulmuş məlumatların yayılmasına yol verilmir”.
Nəhayət, təqdim etmək istədiyim dördüncü layihə “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədədir. Burada da mövcud qanunun 40-cı maddəsinə bir əlavə nəzərdə tutulmuşdur: “40.4-1. Dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılma zonasında fiziki və hüquqi şəxslərə rabitə xidmətlərinin göstərilməsi bu əməliyyatı aparan orqanın göstərişi əsasında müvəqqəti dayandırıla bilər”. 40.5-ci maddədə də ifadə dəqiqləşdirməsi aparılıb. Buraya “dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparıldığı hallar” əlavə olunur. Beləliklə, bu 4 qanun layihəsi mövcud 4 qanunun “Dini ekstremizmə qarşı mübarizə haqqında” Qanuna uyğunlaşdırılması səciyyəsi daşıyır. Ona görə də mən həmkarlarımı həmin dəyişikliklərə səs verməyə dəvət edirəm. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Mən bir daha yada salmaq istəyirəm ki, bu, nə kütləvi informasiya haqqında qanundur, nə televiziya haqqında qanundur, nə də ictimai televiziya haqqında qanundur. Burada qanunlara dəyişikliklərdir. Eləcə də bundan sonra gələnlər də nə su təchizatı, nə qaz, nə də elektrik haqqında qanunlardır. Ona görə, xahiş edirəm, danışanda qanunların məzmunundan danışaq. Yaxşımı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyursun Əflatun Amaşov.
Ə.Amaşov. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli deputatlar, hörmətli media nümayəndələri! Mən gündəlikdəki bu 4 məsələ barədə İnsan hüquqları və Mədəniyyət komitələrinin iclaslarında çıxış etmişəm. Lakin deyəcəklərim heç də əvvəlki fikirlərimin təkrarı deyil. Çünki komitələrdə söhbət bizim bu gün burada “Kütləvi informasiya vasitələri haqqında”, “Televiziya və radio yayımı haqqında”, “İctimai televiziya və radio yayımı haqqında” və “Telekommunikasiya haqqında” qanunlarda qəbul edəcəyimiz dəyişikliklərdən gedib. Biz hamımız o dəyişikliklərə səs vermişik.
Bu dəfəki çıxışımı şərtləndirən budur ki, həmin iclaslardan sonra bir sıra media vasitələrində elə təsəvvür formalaşdırmaq istənilib ki, guya bu dəyişiklikləri etməkdə məqsəd Azərbaycanda söz və mətbuat azadlığını məhdudlaşdırmaqdır. Qətiyyən belə deyil. Dünyanın əksər inkişaf etmiş ölkələrində – Amerikada, Böyük Britaniyada, Almaniyada, Fransada və digər dövlətlərdə dini ekstremizm əleyhinə mübarizə ilə bağlı hüquqi müstəvidə daha sərt qaydalar mövcuddur, bu, başadüşüləndir. Çünki məqsəd dövlətin və ölkə ictimaiyyətinin təhlükəli bəlalardan sığortalanmasıdır. Əgər bir çəkiliş, yaxud mətbu material insanlar arasında qorxu hissi yaradacaqsa, həmçinin şəxsi və ya ailə sirrini faş edəcəksə, onun qarşısına əvvəlcədən sipər çəkilməlidir. Özü də qanunun təsbit etdiyi formada.
Hörmətli cənab Sədr, bayaq burada mənim həmkarlarım bu məsələləri müzakirə edərkən bir sıra saytlardan da danışdılar. Doğrudan da, bu gün Azərbaycanda həmin saytlar mövcuddur, onlar öz səhifələrində dini radikalizmi, dini ayrıseçkiliyi təbliğ edirlər və onlarla mübarizə aparmaq mümkün deyil. Çünki onların hostinqləri ya Amerika Birləşmiş Ştatlarındadır, ya da Avropa ölkələrinin birində. Azərbaycanda heç bir vasitə ilə həmin saytlarla mübarizə aparmaq mümkün deyil. Mən elə bilirəm ki, artıq bu məsələləri biz hüquqi müstəvidə gündəmə gətirməliyik. Yəqin ki, bizim Milli Məclis bu məsələyə həssas olacaq və biz də yaxın vaxtlarda bu məsələni gündəmə gətirə biləcəyik. Diqqətinizə görə sağ olun, minnətdaram.
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox sağ olun, cənab Sədr. Mən komitə iclasındakı çıxışımda da söyləmişdim ki, bu məsələlər “İnformasiya azadlığı haqqında” Qanunu pozmamalıdır, jurnalistlərin sərbəst informasiya toplamaq hüququnu məhdudlaşdırmamalıdır. Əlbəttə, əməliyyatın keçirildiyi yerdəki hadisələr barədə əməliyyatı keçirən orqanlar tərəfindən mütəmadi olaraq jurnalistlərə məlumat verilməlidir. Amma jurnalistlərin də ixtiyarı var ki, sərbəst şəkildə informasiya toplasınlar. Bəlkə əməliyyatı keçirən orqan, yaxud hansısa əməliyyata rəhbərlik edən şəxs orada insan hüquqlarını pozur, aşırı güc tətbiq edir və sair. Jurnalistlərin borcudur ki, bu barədə araşdırmalar aparsınlar, ictimaiyyəti məlumatlandırsınlar və sair. Ona görə düşünürəm ki, hansısa formada bu məsələlərlə bağlı ya geniş şərhlər verilməli, ya da ola bilsin, söylədiyim kimi, Konstitusiya Məhkəməsi bu normanın tətbiqi ilə bağlı ayrıca bir qərar qəbul etməlidir. Digər deputat həmkarlarımla da bu narahatçılığımı bölüşürəm ki, jurnalistlərin sərbəst informasiya toplamaq hüququ məhdudlaşdırılmamalıdır.
İkincisi, Oqtay müəllim, məni narahat edən mühüm bir məsələ “Telekommunikasiya haqqında” Qanunun 16-cı maddəsində dəyişikliklə bağlıdır. Son vaxtlar, – mən şəxsən özüm müşahidə etmişəm, – yanımda olan insanlara, hətta ailə üzvlərimin bəzilərinə xaricdən zənglər gəlir, mobil telefonla təkrar həmin nömrəni yığırsan, deyir ki, belə bir nömrə yoxdur. Mən bilmirəm, bu hansı məqsədlər naminə edilir. Hər halda düşünürəm ki, Ziyafət müəllim, bizim komitə bu məsələni nəzarətdə saxlamalıdır. Bu, hansı maraqlar naminə edilirsə, birbaşa dövlətin təhlükəsizliyi ilə bağlıdır. Biz müharibə vəziyyətində olan ölkəyik, səhərdən dini ekstremizmdən danışırıq, amma bilirik ki, Azərbaycanda xarici kəşfiyyat işləyir. Ona görə də düşünürəm ki, bu məsələlərin ciddi şəkildə araşdırılmasına ehtiyac var. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Aydın Hüseynov.
A.Hüseynov. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən çalışacağam ki, fikrimi çox qısa şəkildə ifadə edim. Kütləvi informasiya vasitələrinin bugünkü həyatımızda oynadığı rol çox böyükdür. Bununla yanaşı, mən bir narahatçılığımı da bildirmək istərdim. Əslində, qanunun prosesləri tənzimləməsi ilə yanaşı, bir aliliyi də ondan ibarətdir ki, qadağaları müəyyənləşdirib. Bizim müzakirə etdiyimiz qanun layihəsində çox düzgün olaraq göstərilir ki, kütləvi informasiya vasitələri dini ekstremizmin əleyhinə hansı şəraitdə, hansı şəkildə informasiya yaya bilər və qadağalar nədən ibarətdir. Bunu çox yüksək şəkildə dəyərləndirirəm və səs verəcəyəm.
Narahat olduğum məsələ nədir? Müzakirə etdiyimiz qanunun 11-ci maddəsinin dördüncü bəndində, – qısa şəkildə deyəcəyəm, – göstərilir ki, yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə məlumatların yayılmasına yol verilmir. Lakin bəzi kütləvi informasiya vasitələri, – mən demirəm ki, bunu bilərəkdən edirlər, – yetkinlik yaşına çatmayan uşaqların intihar hadisələrini öz informasiya portallarında geniş şəkildə yayırlar. Mən demirəm ki, bu məlumatı məqsədyönlü yayırlar ki, o azyaşlılara nə isə bir psixoloji təsir etsinlər. Onların, əlbəttə, məqsədləri odur ki, portallarının reytinqi artsın və oxunaqlı olsun. Bunların portallarının oxunaqlığı, reytinqinin artırılması son nəticədə nəyə gətirib çıxarır? Ona gətirib çıxarır ki, həmin yetkinlik yaşına çatmayan, tutaq ki, anası ona çanta almadığına görə özünü asıb, intihar edir. Digər bir uşaq da anası ona istədiyi nəyi isə almayanda çıxış yolunu portalda oxuduğu xəbərdə tapacaq. Buna görə də belə hallar get-gedə çoxalır. Vaxt almaq istəmirəm, bunun üçün də fürsətdən istifadə edib, çox hörmət bəslədiyim portal rəhbərlərindən, jurnalistlərdən xahişim odur ki, qanunun bu bəndinə əməl etsinlər və yetkinlik yaşına çatmayan uşaqlarla bağlı, ümumiyyətlə, intihar hadisəsi baş verirsə, onunla bağlı məlumatları verməsinlər. Sağ olun, minnətdaram.
Sədrlik edən. Xahiş edirəm, gündəliyin 9-cu məsələsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.00 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 103
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Gündəliyin 10-cu məsələsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.00 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Gündəliyin 11-ci məsələsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.01 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Nəhayət, gündəliyin 12-ci məsələsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.01 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 101
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti 3 məsələ “Elektroenergetika haqqında”, “Qaz təchizatı haqqında” və “Su təchizatı və tullantı suları haqqında” qanunlarda dəyişikliklərlə bağlıdır. Valeh müəllim, xahiş edirəm, üçünü bir yerdə təqdim edin.
V.Ələsgərov. Təşəkkür edirəm, cənab Sədr. Müzakirənizə təqdim edilmiş “Elektroenergetika haqqında”, “Qaz təchizatı haqqında”, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının qanunlarına təklif edilən dəyişikliklər bu qanunların 2015-ci ildə qəbul edilmiş “Dini ekstremizmə qarşı mübarizə haqqında” Qanuna uyğunlaşdırılması məqsədi ilə təklif edilibdir.
“Elektroenergetika haqqında” Qanunun 11-ci maddəsinin sonunda təklif edilən hissə: “dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin əməliyyatın aparılma zonasında dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanın göstərişi əsasında”. Sonra beşinci hissənin birinci cümləsində “dayandırılması” sözündən sonra “dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması ilə əlaqədar dayandırma halı istisna olmaqla” sözləri mötərizədə əlavə edilsin. Bu əlavə edilmiş cümlələrlə birlikdə yeni mətn yəqin ki, sizin qarşınızda var. Ona görə də yenidən oxumaq istəmirəm.
14-cü məsələ “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklərdir. 13-cü maddədə təklif olunur ki, altıncı hissənin doqquzuncu abzasının sonunda “nöqtə” işarəsi “nöqtəli vergül” işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda onuncu abzas əlavə edilsin: “dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin əməliyyatın aparılma zonasında dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanın göstərişi əsasında”. Yeddinci hissənin birinci cümləsində “dayandırılması” sözündən sonra mötərizədə “dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması ilə əlaqədar dayandırma halı istisna olmaqla” sözləri əlavə edilsin.
15-ci məsələ “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsidir. Bu qanun layihəsində 26-cı maddədə birinci bəndin sonuna “nöqtəli vergül” və aşağıdakı abzas təklif edilir: “dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin əməliyyatın aparılma zonasında dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanın göstərişi əsasında”. Yəni su təchizatı bu zaman dayandırıla bilər. Üçüncü bənddə “istehlakçıya suyun verilməsinin dayandırılması” ifadəsindən sonra mötərizədə “dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması ilə əlaqədar dayandırma halı istisna olmaqla” əlavə edilir. Davam edirəm, qanunun “Su təchizatının dayandırılması hallarında su təchizatı müəssisəsinin vəzifələri” adlanan 27-ci maddəsində ikinci bəndin sonuncu abzasında “fövqəladə” sözündən sonra əlavə olunur: “və dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparıldığı”. Yəni su təchizatının cüzi dayandırılması halları istisna olunmaqla su təchizatı müəssisəsi bu qanunun 28-ci maddəsində nəzərdə tutulanlara əsasən yalnız xəbərdarlıq etdikdən sonra su təchizatını dayandıra bilər. Əminəm ki, burada müzakirə üçün heç bir şey yoxdur, ona görə də səs verib, qəbul edəcəyik. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, gündəliyin 13-cü məsələsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.06 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 103
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
14-cü məsələyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.07 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
15-ci məsələyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.07 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 102
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Bu qəbildən olan məsələlərdən iki məsələ qalıb. 16-cı məsələ “Yol hərəkəti haqqında” Qanunda dəyişikliklər edilməsi barədədir. Buyursun Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun, cənab Sədr. “Yol hərəkəti haqqında” Qanuna edilən dəyişikliklər də dediyiniz kimi, eyni qəbildəndir və “Dini ekstremizmə qarşı mübarizə haqqında” Qanunun 7.2.1-ci maddəsinə uyğunlaşdırılır. Beləliklə, “Yol hərəkəti haqqında” Qanunun “Yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi” adlanan 12-ci maddəsinə 2-1) “dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda” sözləri və “dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparıldığı hallar” sözləri əlavə olunur. Səs verməyinizi xahiş edirəm.
Sədrlik edən. Xahiş edirəm, gündəliyin 16-cı məsələsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.08 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Nəhayət, 17-ci məsələ “Avtomobil yolları haqqında” Qanunda dəyişiklik edilməsi barədədir. Buyursun Ziyad Səmədzadə.
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri.
Hörmətli cənab Sədr, “Avtomobil yolları haqqında” Qanunun 29-cu maddəsinə “və dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparıldığı hallar” sözləri əlavə edilir. Deputat həmkarlarımdan səs vermələrini xahiş edirəm.
Sədrlik edən. Xahiş edirəm, 17-ci məsələyə də münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.09 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Hörmətli millət vəkilləri, tənəffüs elan olunur və günün ikinci yarısında düzəlişlərdən başqa iki yeni qanun layihəsi də olacaq.

(FASİLƏDƏN SONRA)

Sədrlik edən. Gündəliyin növbəti 18-ci məsələsi “Məhkəmələr və hakimlər haqqında” Qanunda dəyişikliklər edilməsidir. Buyursun Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli cənab Sədr. Cənab Prezident tərəfindən təqdim olunmuş qanun layihəsi bütövlükdə məhkəmə sistemində həyata keçirilən islahatlara dəstək xarakteri daşıyır. Bildiyimiz kimi, “Məhkəmələr və hakimlər haqqında” Qanunun 93-cü maddəsi hakim vəzifəsinə namizədlərə aid tələbləri özündə ehtiva edir. Təklif olunan əlavə məhkəmə sisteminin hakim adına layiq olmayan şəxslərdən qorunması məqsədi ilə edilir. Belə ki, 93-cü maddənin birinci hissəsində kimlər hakim seçilə bilər, onlar sadalanır, amma ikinci hissədə məhdudiyyətlər var, yəni kimlər hakim ola bilməzlər. Bu məhdudiyyətlərə iki yeni əlavə təklif olunur. Birinci əlavə: “barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş, hakim vəzifəsindən intizam qaydasında” azad edilmişsə, o artıq yenidən hakim ola bilməz. Çünki hakimlik dövründə intizam qaydasında vəzifədən azad edilmişdir. İkinci əlavədə göstərilir ki, ilk dəfə hakim vəzifəsinə təyin edilmiş şəxslərin səlahiyyət müddəti uzadılmayıbsa, onlar 5 il müddətində hakim vəzifəsinə namizədlərin seçilməsi üçün yenidən imtahanda iştirak edə bilməzlər. Amma 5 il müddəti keçdikdən sonra onlar bu hüququ yenidən əldə edirlər.
“Məhkəmələr və hakimlər haqqında” Qanuna təklif olunan dəyişikliklərin digər hissəsi isə məhkəmə sisteminin idarə edilməsi ilə bağlıdır. Belə ki, təcrübədə məhkəmələrin iş həcmi, o cümlədən hərbi məhkəmələrdə hərbi hissələrin dislokasiyası ilə bağlı ərazi yurisdiksiyasının dəyişdirilməsinə bəzən vaxtaşırı ehtiyac olur. Mövcud qanunvericilikdə bu məsələlər dövlət başçısının səlahiyyətindədir. Amma bu cür texniki məsələlərlə bağlı dövlət başçısına mütəmadi müraciət edilməməsi məqsədi ilə həmin səlahiyyətlər layihəyə əsasən Məhkəmə-Hüquq Şurasına verilir.
Vacib əlavələrdən biri də məhkəmə qərarlarının dərc edilməsi maddəsi ilə bağlıdır. Bilirsiniz ki, bu müddəa bizim Konstitusiyada da var. Məhkəmə hakimiyyətinin fəaliyyətinin şəffaflığı ilə bağlı həm kassasiya, həm də apellyasiya məhkəmələrinin qərarları dərc olunmalıdır. Amma indi elektron məhkəmə sisteminin yaradılması ilə bağlı bu qərarlar, eyni zamanda, həm də elektron daşıyıcılarda yayımlanır və yayımlanmalıdır. Ona görə təklif olunub ki, “Məhkəmələr və hakimlər haqqında” Qanunun “Məhkəmələrin qərarları” adlı 5-ci maddəsinə bir əlavə edilsin. Bununla bağlı bizim Məhkəmə-Hüquq Şurası ilə də məsləhətləşmələrimiz olub. Təklif ondan ibarət idi ki, təqdim olunmuş layihədə “dərc edilir və” sözləri çıxarılır, “elektron qaydada yayılır” sözləri əlavə olunur. Amma bu qayda da, qeyd etdiyim kimi, Konstitusiyanın müddəasına zidd olurdu, çünki “dərc olunma” mütləq olmalıdır. Ona görə də qanunvericilik subyekti ilə razılaşdırılmış variant belə olacaq: “kassasiya və apellyasiya məhkəmələrinin bütün qərarları qəbul olunduğu gündən bir aydan gec olmayaraq elektron qaydada dərc olunaraq yayılır”. Yəni həm dərc, həm də elektron forma qorunub saxlanmalıdır.
Nəhayət, qanunvericiliyə əsasən birinci instansiya məhkəmələrinin maliyyə təminatı üçün nəzərdə tutulan xərclər barədə təkliflər Maliyyə Nazirliyinə təqdim edilməzdən əvvəl Məhkəmə-Hüquq Şurasının rəyi alınmalıdır. Ölkədə bir neçə apellyasiya məhkəməsi mövcud olduğundan vahid yanaşmanın təmin edilməsi üçün apellyasiya məhkəmələrinin xərcləri barədə təkliflər hazırlanarkən Məhkəmə-Hüquq Şurasının rəyinin alınması təklif olunur. Bir daha vurğulamaq istəyirəm ki, bu əlavələr və dəyişikliklər həm hakimliyə namizədlərlə bağlı tələbləri daha da ciddiləşdirir, həm də məhkəmə sisteminin idarə olunmasını daha da səmərəli etmiş olur. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Əgər başqa təklif yoxdursa, xahiş edirəm, bu dəyişikliklərə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.18 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 94
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
19-cu məsələ “Avtomobil yolları haqqında” Qanunda dəyişiklik edilməsi barədədir. Buyurun, Ziyad Səmədzadə.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə Milli Məclisə təqdim edilmiş qanun layihəsi Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasının nəqliyyat-yol kompleksində idarəetmənin təkmiləşdirilməsi tədbirləri haqqında sərəncamı və eyni zamanda, 2016-cı il 9 mart tarixli “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti haqqında Fərmanı ilə əlaqədardır. Təklif edilir ki, qanun layihəsinin 1, 5, 10, 13, 19 və 22-ci maddələrin yol təsərrüfatı orqanlarına “müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum” da daxil edilsin. Bu məfhum sadaladığım maddələrdə öz əksini tapmışdır.
Bundan başqa, təklif edilir ki, 18-ci maddədə “avtomobil yolları mülkiyyətçiləri” sözlərindən sonra “sahibləri” sözü əlavə edilsin. Bu da onunla əlaqədardır ki, gələcəkdə avtomobil yollarının qurulması, təmiri və yeniləşməsində dövlət orqanları ilə yanaşı, xüsusi mülkiyyət sahibləri də iştirak edəcəklər.
Diqqəti cəlb edən məsələlərdən biri ondan ibarətdir ki, “Avtomobil yollarının qorunması” adlı 38-ci maddə yeni redaksiyada verilir. Təklif edilir ki, bu maddə aşağıdakı redaksiyada verilsin. “Avtomobil yollarının qorunması, avtomobil yollarının mülkiyyətçiləri (sahibləri) tərəfindən həyata keçirilir.
Avtomobil yollarının qorunmasını həyata keçirən subyektlər yol əmlakının qorunmasını onların korlanmasına səbəb ola biləcək mümkün halların qarşısını almaqla yerinə yetirirlər”. Bütövlükdə qanun layihəsi Azərbaycanda nəqliyyat kompleksinin, yol tikintisinin, yolların qorunması işinin təkmilləşdirilməsinə xidmət edir. Ona görə millət vəkillərindən bu qanun layihəsinə səs vermələrini xahiş edərdim. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Əgər başqa fikir yoxdursa, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.21 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi haqqındadır. Buyurun, Ziyad müəllim.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Cənab Prezident tərəfindən təqdim edilən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi Avropa Nəqliyyat Nazirlərinin Konfransının (hazırda Beynəlxalq Nəqliyyat Forumunun) 2014-cü il tarixli təlimatına müvafiq olaraq milli daşıyıcılarımızın “Avro-5” və daha yüksək standartlara uyğun avtonəqliyyat vasitələrinə olan marağını artırmaqla, respublikada yük avtomobili parkının yeniləşməsinə nail olmaq, habelə milli daşıyıcıların aylıq Beynəlxalq Nəqliyyat Forumunun “icazə” vərəqələrini əldə etməklə rəqabət qabiliyyətli fəaliyyətlərinin təmin olunması və onların beynəlxalq daşımalarda payının artırılması məqsədilə hazırlanmışdır.
Bu dəyişikliyin mahiyyəti ondan ibarətdir ki, əvvəllər Avropa Nəqliyyat Nazirləri Konfransının tövsiyələrinə əsasən dövlət rüsumunun məbləği 500 ABŞ dolları idisə, indi avrostandartların pilləsindən asılı olaraq 500, 300 və 100 dollar müəyyən olunur. Bütövlükdə bu dəyişiklik də yuxarıda sadaladığım müsbət nəticələrə nail olmağa imkan verəcəkdir. Ona görə millət vəkillərindən bu qanun layihəsinə də səs vermələrini xahiş edərdim. Sağ olun.
Sədrlik edən. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.23 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 3
İştirak edir 94
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi barədədir. Buyurun, Ziyad müəllim.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Hamımız bilirik ki, son illər Azərbaycan Respublikasının Prezidenti ölkədə iqtisadi islahatların dərinləşdirilməsi, şəffaflığın artırılması, ölkə iqtisadiyyatında neqativ halların aradan qaldırılması üçün Azərbaycan Respublikasının Gömrük Məcəlləsində bir sıra dəyişikliklərin edilməsini vacib sayır. Gömrük sistemində həyata keçirilən islahatlar nəticəsində dövlət sərhədinin buraxılış məntəqələrinin buraxılış qabiliyyətini artırmaq və vətəndaşların rahatlığını təmin etmək üçün malların və nəqliyyat vasitələrinin yoxlanılmasında “birpəncərə” prinsipinin daha da təkmilləşdirilməsi, idxal-ixrac əməliyyatlarının rəsmiləşdirilməsinin sadələşdirilməsi, bütün istiqamətlərdə gömrük işinin beynəlxalq standartlara uyğun aparılması, normativ hüquqi bazanın yaradılması, ticarətin asanlaşdırılması, gömrük sərhədində mal dövriyyəsinin sürətləndirilməsi, ölkədə iqtisadi təhlükəsizliyin möhkəmləndirilməsində gömrük sisteminin rolunun daha da artırılması kimi bir sıra məqsədli işlər görülür.
Gömrük Məcəlləsinə “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün buraxılış sistemlərinin tətbiqi” adlı yeni 13-1-ci maddə əlavə edilir: “Gömrük sərhəd buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi məqsədi ilə qısa idxal bəyannaməsi əsasında malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə buraxılmasının yaşıl, mavi, sarı və qırmızı dəhliz buraxılış sistemləri tətbiq olunur”.
Bundan əlavə, 42.1-ci maddənin yeni redaksiyada verilməsi tövsiyə edilir: “Müvafiq icra hakimiyyəti orqanı məlumatların elektron qeydiyyatı, saxlanılması, mühafizəsi və mübadiləsi, o cümlədən risk qiymətləndirilməsinin və idxalatçıların risk qrupları üzrə bölgüsünün aparılması məqsədilə gömrük orqanlarının elektron məlumat sisteminin işlənib hazırlanmasını və istifadəsini təmin edir”.
Bir də, 93.4-cü maddə əlavə edilir: “Gömrük sərhəd buraxılış məntəqələrində “Yaşıl dəhliz” və digər buraxılış sistemlərinin tətbiqi ilə əlaqədar olaraq müvafiq infrastruktur yaradılır və xüsusi ayrılmış hərəkət zolaqları müəyyən edilir”.
Bütövlükdə bu qanun layihəsi Azərbaycanın gündən-günə inkişaf edən ticarət əlaqələrinin inkişafına müsbət təsir göstərəcək, intizamı, gömrük xidmətində çalışan insanların məsuliyyətini artıracaq, eyni zamanda, Azərbaycan vətəndaşlarının və xarici vətəndaşların sərhəddən maneəsiz keçmələrinə, malları daşınması, aparılması ilə əlaqədar olan məsələlərin yaxşılaşdırılmasına xidmət edəcəkdir. Ona görə millət vəkillərindən bu qanun layihəsinə də müsbət səs vermələrini xahiş edirəm.
Sədrlik edən. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.27 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 98
Nəticə: Qəbul edildi
 
Çox sağ olun, qəbul olundu.
Ziyad müəllim, 3 qanun qaldı. 22, 23 və 24-cü məsələləri bir yerdə təqdim eləyin, sonra ayrı-ayrı səsə qoyarıq. Bunlar “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında”, “Reklam haqqında” Qanuna dəyişiklik edilməsi barədə və bir də, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələridir. Buyurun, Ziyad müəllim.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! 22 və 23-cü məsələlərdəki dəyişikliklər respublikada Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması ilə əlaqədardır. Məlumdur ki, bir çox funksiyalar artıq ona verilmişdir. “Reklam haqqında” Qanuna, eləcə də Vergi Məcəlləsinə edilən dəyişikliyin mahiyyəti ondan ibarətdir ki, “müəyyən edilmiş” sözlərindən əvvəl “maliyyə bazarlarına nəzarət orqanı tərəfindən” sözləri əlavə edilir. Hər iki qanun layihəsində bu dəyişikliklər nəzərdə tutulur.
24-cü məsələ isə Vergi Məcəlləsindəki dəyişikliklər idman mərc oyunlarının təşkili və keçirilməsini əhatə edir. Vergi Məcəlləsinin 99.3.12-ci, 100.5-ci, 125.1.8-ci, 150.1.10-cu və 150.3-2-ci maddələri ləğv edilir. Həmin maddələrin qüvvədə olan redaksiyaları belə idi: “Muzdlu işə aid olmayan fəaliyyətdən gəlir”, “İdman mərc oyunlarından əldə edilən uduşlar” və “İdman mərc oyunlarından əldə edilən uduşlardan 10 faiz dərəcə ilə vergi tutulur”.
Mən üzr istəyirəm, bir məsələni sizə deməliydim. Qanun layihəsindəki dəyişikliklər “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilən idman mərc oyunlarından əldə olunan uduşlardır ki, onlar da Vergi Məcəlləsindən azad edilir. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi barədə qanun layihəsi idman mərc oyunlarından əldə olunan uduşların vergidən azad olunması ilə əlaqədar hazırlanmışdır. Cənab nazir də buradadır. Sual olarsa, buyurun. Bütövlükdə bu qanun layihəsi Azərbaycanda dövlət tərəfindən müəyyən edilən idman oyunlarının inkişafına xidmət edəcəkdir. Millət vəkillərindən bu qanun layihəsinə səs vermələrini xahiş edərdim. Sağ olun.
Sədrlik edən. Əgər başqa təklif yoxdursa, 22-ci maddəyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.31 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 98
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Xahiş edirəm, “Reklam haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə münasibət bildirin.

Səsvermənin nəticələri (saat 16.31 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 94
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Xahiş edirəm, Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsinə münasibət bildirəsiniz.

Səsvermənin nəticələri (saat 16.32 dəq.)
Lehinə 90
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 93
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti 3 məsələ yeni qanun layihələridir. Birincisi, Kredit büroları haqqında, ikincisi, “Məktəbəqədər təhsil haqqında”, üçüncüsü, “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında qanun layihələridir. Sonuncu qanunun vacibliyini sizə deməyəcəyəm, nazir də buradadır, komitə sədri də. Etiraz eləmirsinizsə, birinci, İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında qanun layihəsinə konseptual baxımdan baxaq, çünki bu qanunun üzərində geniş düşünməliyik. Fuad Muradov, buyurun.
F.Muradov, Milli Məclisin Gənclər və idman komitəsinin sədri.
Hörmətli cənab Sədr, hörmətli cənab nazir, hörmətli deputatlar! Bu gün ölkəmizdə gənclərə göstərilən diqqət və qayğının miqyası hər birimizə məlumdur. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən düzgün siyasətin nəticəsidir ki, Azərbaycanın bütün sahələrində olduğu kimi, gənclər və idman sahəsi də uğurla inkişaf edir. Xüsusi olaraq vurğulamaq istərdim ki, məhz ulu öndər Heydər Əliyevin bünövrəsini qoyduğu siyasətin uğurlu davamının nəticəsidir ki, bu gün gənclərimiz ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir, beynəlxalq tədbirlərdə böyük uğur qazanırlar.
1996-cı ildən ulu öndən Heydər Əliyevin təşəbbüsü ilə 2 fevral Azərbaycanda “Gənclər günü” kimi qeyd edilir. Hər il Azərbaycanın bütün bölgələrini təmsil edən gənclər toplaşaraq gələcək strategiyanı müəyyənləşdirir və nailiyyətləri müzakirə edirlər. Möhtərəm Prezidentimiz İlham Əliyev gəncləri mütəmadi olaraq qəbul edir, onları dinləyir və öz məsləhətlərini verir.
Qeyd etmək istərdim ki, bu gün gənclər üçün çox əhəmiyyətli qanunvericilik bazası var. Azərbaycanda gənclər siyasətinin əsas istiqamətləri 2002-ci ilin 6 mayında qəbul edilmiş “Gənclər siyasəti haqqında” Qanunla müəyyənləşib.
1998-ci ildə cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin sədri təyin olunması ilə Azərbaycanın idman həyatında yeni səhifə açıldı. Bunun nəticəsi olaraq gənclər arasında idmana maraq daha da artdı, ölkəmizdə olimpiya hərəkatı geniş vüsət aldı.
Həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün Azərbaycan Rio olimpiadasında böyük qələbə – 18 medal qazandı. Fürsətdən istifadə edərək ölkə Prezidenti cənab İlham Əliyev başda olmaqla, cənab nazir, sizi və bütün idmançılarımızı bu böyük uğur münasibəti ilə təbrik edirik. Əminik ki, gələcəkdə əldə ediləcək uğurlar, ölkəmizə gətiriləcək medalların sayı bundan da artıq olacaq və biz hamımız buna sevinəcəyik.
Məhz bu siyasətin nəticəsidir ki, bu gün Azərbaycan beynəlxalq idman yarışlarının keçirildiyi mərkəzə çevrilib. Azərbaycan dünya əhəmiyyətli böyük idman yarışlarına ev sahibliyi edir. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşkilat komitəsinə sədrlik etdiyi və tarixdə ilk dəfə keçirilən “Bakı 2015 Avropa oyunları” dünyada böyük əks-səda doğurdu və idman arenalarında Azərbaycana olan marağı daha da artırdı. Ölkəmiz Formula 1 Avropa Qran-prisinə, 42-ci Ümumdünya Şahmat Olimpiadasına və bu kimi mötəbər idman tədbirlərinə uğurla ev sahibliyi etdi. Bu gün ölkəmiz böyük idman ölkələrinin və təşkilatlarının diqqətini cəlb edir.
Bunun məntiqi nəticəsi olaraq biz qanunvericilik bazasının təkmilləşdirilməsi, beynəlxalq normalara uyğunlaşdırılması istiqamətində böyük işlər gördük. 2009-cu il 27 avqustda qəbul olunmuş “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanunu dövlətimizin idman siyasətinin əsas istiqamətlərini təşkil edir. Bundan başqa, Azərbaycan Respublikası idman sahəsində əsas beynəlxalq sənədlərə – 2005-ci il oktyabrın 19-da Paris şəhərində YUNESKO Baş Konfransının 33-cü sessiyasında qəbul edilmiş “İdmanda dopinqə qarşı mübarizə haqqında Beynəlxalq Konvensiyaya, Antidopinq üzrə Kopenhagen bəyannaməsinə, Avropa Şurasının “İdman tədbirləri, o cümlədən futbol oyunları zamanı zorakılığın və xuliqanlığın qarşısının alınması haqqında” Avropa Konvensiyasına qoşulmuşdur.
Bu gün dünyada dopinqə qarşı mübarizə şərtləri günü-gündən sərtləşir. Eyni zamanda, beynəlxalq aləmdə Azərbaycana idman sahəsində diqqətin artması şəraitində mövcud qanunvericilik qeyd edilən problemə qarşı mübarizə aparmaqda təsirsiz qalır.
Dünya Antidopinq Agentliyi idmançıların 7 mindən artıq dərmandan istifadəsinə qadağa qoyub. İdmançılar həmin dərmanlardan istifadə edə bilməzlər. İdmançı bu siyahıya daxil edilmiş dərmanlardan istifadə edərsə, dərhal yarışlardan uzaqlaşdırılır. Üç dəfə bu hal təkrarlanarsa, həmin idmançının beynəlxalq yarışlarda iştirakına birdəfəlik – ömürlük qadağa qoyulur. Hər bir ölkə üçün bu, vacib bir şərtdir. Düzdür, Azərbaycanda bu məsələyə nəzarət olunur və bunun üçün Gənclər və İdman Nazirliyində Antidopinq komissiyası yaradılıb, idmançılar xüsusi yoxlamalardan keçirilirlər. Belə bir fakt olarsa, həmin şəxs dərhal cəzalandırılır.
Dopinqə qarşı mübarizənin yetərincə aparılmamasının səbəblərindən biri də Azərbaycanın özünün dopinqə qarşı mübarizə haqqında qanununun olmamasıdır. Son dövrdə beynəlxalq idman arenalarında baş verən hadisələr bu sahəyə, təbii ki, böyük diqqət ayrılmasını şərtləndirir və yeni qanun layihəsinin hazırlanmasını vacib edir. Komitəmiz yarandığı gündən dopinqlə mübarizə probleminə prioritet məsələ kimi yanaşır. Bu dövr ərzində dopinq problemi ətraflı şəkildə araşdırılmışdır. Komitəmiz Gənclər və İdman Nazirliyi ilə birlikdə müxtəlif mütəxəssisləri cəlb edərək İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında yeni qanun layihəsi hazırlanması üçün işçi qrupu yaratmışdır. Həmin işçi qrupunun iki görüşü olmuşdur.
Bu gün müzakirə etdiyimiz qanun layihəsi idmanda dopinqin qarşısının alınması, onunla mübarizə sahəsində dövlət siyasətinin əsas prinsiplərini, bu sahədə idarəetməni və idman subyektlərinin hüquq və vəzifələrini, dopinq nəzarətinin həyata keçirilməsi qaydalarını və bu zaman aşkarlanmış pozuntulara görə məsuliyyəti müəyyən edir, habelə Azərbaycan Respublikasında dürüst, ədalətli oyun prinsiplərinə riayət edilməsində antidopinq siyasətinin və qaydalarının qəbul edilməsi, reallaşdırılması, dopinqlə mübarizə sahəsində qanunauyğunluğun, şəffaflığın və səmərəliyin təmin edilməsi məqsədi daşıyır.
İndi isə Oqtay müəllim, icazə versəniz, qanun layihəsi barədə çox qısa məlumat verərdim. Sözü gedən qanun layihəsi 8 fəsil və 42 maddədən ibarətdir.
1-ci fəsil “Ümumi müddəalar” adlanır və 3 maddədən ibarətdir. Burada “Əsas anlayışlar”, “İdmanda dopinqin qarşısının alınması və onunla mübarizə haqqında Azərbaycan Respublikasının qanunvericiliyi” və “Əsas prinsiplər” adlanan maddələr öz əksini tapıb.
2-ci fəsil “İdmanda dopinqin qarşısının alınması və onunla mübarizə sahəsində idarəetmə” adlanır və 2 maddədən ibarətdir. Bu fəsil dopinqə qarşı mübarizənin optimallaşdırmaq məqsədi daşıyaraq “Milli Antidopinq Agentliyi”nin (MADA) yaradılması və “Qadağan edilmiş siyahı”dan ibarətdir.
3-cü fəsil “İdmançılara tibbi xidmət” adlanır və 2 maddədən ibarətdir: “İdmançılara tibb xidmətinin qaydaları” və “Terapevtik istifadəyə icazə”. Bu da idmançılara göstərilən tibbi xidmətin səmərəliyini artırmaq məqsədi daşıyır.
4-cü fəsil “Dopinq nəzarəti” adlanır və 8 maddədən ibarətdir. Burada məqsəd idmançıların dopinq yoxlamalarına cəlb edilməsinin məcburiliyini, dopinq yoxlama nəticələrinin qanuniliyini, cəza mexanizminin tətbiqi prosedurlarının şəffaflığını təmin etməkdir. Bu fəsil “MADA tərəfindən həyata keçirilən dopinq nəzarəti”, “Dopinq nəzarətinin məcburiliyi”, “Dopinq testinin həyata keçirilməsi”, “Bio nümunələrin analizi”, “Bio nümunələrinin analizi ilə bağlı olmayan pozuntular”, “Bio nümunələrin analizi zamanı idmançıların hüquqları”, “İdmançının müvəqqəti kənarlaşdırılması” və “İdmanı tərk edərkən dopinqə nəzarət” adlı maddələrdən ibarətdir.
5-ci fəsil “Dinləmək və şikayət vermək hüququ” adlanır, 6 maddədən ibarətdir. Burada ədalətli dinləmələr, məxfilik, şikayət verilə bilən hallar, apellyasiya komissiyasına və İdman Arbitraj Məhkəməsinə şikayət vermək məsələləri qeyd edilir.
6-cı fəsil “İdman subyektlərinin vəzifələri” adlanır və aşağıdakı 5 maddədən ibarətdir: “Milli idman federasiyalarının normativ aktları”, “İdman subyektlərinin MADA ilə qarşılıqlı münasibətləri”, “İdman subyektləri tərəfindən qaydalara riayət edilməsi”, Qaydaların pozulması və sanksiyalar, “Təşkilatı xarakterli pozuntular”. Bu fəsil vəzifə bölgüsünü və məsuliyyəti müəyyənləşdirir. Bu da çox vacib bir məsələdir. Bizim yeni yanaşmamız ondan ibarətdir ki, bütün federasiyalar yeni yaradılan Milli Antidopinq Agentliyi ilə əməkdaşlıq etməlidirlər, eyni zamanda, orada qoyulan tələblər 100 faiz həyata keçirilməlidir.
7-ci fəsil “Pozuntular və sanksiyalar” adlanır və 12 maddədən ibarətdir. Burada antidopinq qaydaların pozulması, tibbi pozuntular, antidopinq qaydalarının pozulmasına təhriketmə, ağırlaşdırıcı hallar, idmançılara qarşı tətbiq olunan sanksiyalar, yetkinlik yaşına çatmayan idmançıların pozuntuya cəlb edilməsinə görə sanksiyalar öz əksini tapıb. Qeyd etmək istəyirəm ki, bu qanunda təkcə Dünya Antidopinq Agentliyi yox, eyni zamanda, bizim qanunvericilik nəzərdən keçirilmişdir. Gələcək sağlam nəsli düşünərək yetkinlik yaşına çatmayan idmançılarımız üçün çox ciddi cəzalar qoymuşuq. Çalışmışıq ki, cəzalar yüksək olsun və bu, yeni nəslimizin gələcəkdə sağlam həyat tərzi sürməsinə imkan versin.
Burada “Komandalara tətbiq edilən sanksiyalar”, “Sanksiyaların tətbiqi müddətinə məhdudiyyətlər”, “Antidopinq qaydalarının ilk dəfə pozulması”, “Töhmət verilməsi”, “Əlavə cəzalar” və digər maddələr vardır. Bu fəslin qanuna daxil edilməsinin əsas məqsədi odur ki, dopinqə görə qayda pozuntuları konkret olaraq müəyyənləşdirilsin və bu pozuntulara görə tətbiq ediləcək sanksiyalar təsdiq edilsin.
Nəhayət, “Kənarlaşdırmanın müddəti” adlandırılan 8-ci fəsildə 4 maddə vardır. Burada kənarlaşdırılmış idmançının öhdəlikləri, kənarlaşdırılma müddətinin azaldılması və ləğv edilməsi, kənarlaşdırılma müddətinin uzadılmasına səbəb olan hallar öz əksini tapıb. Bu fəsil idmançıların və digər idman subyektlərinin idmandan uzaqlaşdırılması müddətini dəqiqləşdirməyə xidmət edir. Yəni burada əsas yanaşma belədir ki, müxtəlif sanksiyalar tətbiq edərkən biz idmançıların da hüquqlarını nəzərə almalıyıq. Biz çalışmalıyıq ki, müxtəlif federasiyalarda bu yolda olan və onu buna təhrik edən insanlar da həmin məsuliyyəti o idmançı ilə bölüşsünlər. Ümumiyyətlə, qanunun fəlsəfəsində daha çox cəza yox, daha çox maarifləndirmə işinin həyata keçirilməsi nəzərdə tutulub.
Sonda fürsətdən istifadə edərək bu qanun layihəsinin ərsəyə gəlməsində əməyi olan Milli Məclisin Sədri cənab Oqtay Əsədova, cənab Azad Rəhimov başda olmaqla Gənclər və İdman Nazirliyinin əməkdaşlarına, Milli Məclisin Aparat rəhbəri Səfa müəllimə və Milli Məclisin əməkdaşlarına dərin təşəkkürümü bildirmək istəyirəm. Hörmətli həmkarlar, xahiş edirəm, nəzərə alasınız ki, bu, komitəmizin ilk qanunudur. İnanıram ki, sizin köməyinizlə ikinci və üçüncü oxunuşlara daha hazır olacağıq. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Fuad Muradov komitəsinə də, nazirə də “sağ ol” dedi və mən fikirləşdim ki, yəqin şöbələri yaddan çıxaracaq. Yaxşı ki, yada saldı. Aparatın şöbələrinin də çox böyük əziyyəti var.
Həqiqətən, yeni komitənin ilk qanun layihəsidir. Bunun vacibliyi haqqında lazım gələrsə, Azad Rəhimov da fikrini deyər, amma mən qısa zamanda bu qanun layihəsini hazırladıqlarına görə onlara bir daha öz minnətdarlığımı bildirirəm.
Altı nəfər millət vəkili yazılıb. Ancaq Fuad müəllim, görürəm ki, sizin komitənin üzvləri də var. Onlar sənin işini tərifləmək istəyirlər?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Azər Badamov buyursun.
A.Badamov. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli həmkarlar! Bizə təqdim olunan İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında qanun layihəsinin qəbul edilməsini vacib hesab edirəm. Azərbaycan idmanı inkişaf edir və beynəlxalq yarışlarda uğurlarımız artmaqdadır. Azərbaycan idman ölkəsidir. Ona görə də biz gələcəkdə hər hansı bir xoşagəlməz halın baş verməməsi üçün təqdim olunan qanun layihəsinə səs verməliyik.
Qanun layihəsi mükəmməl hazırlanmışdır və birinci oxunuş olduğuna görə layihə haqqında konseptual baxımdan fikirlərimi bildirmək istəyirəm. Hamımız idman yarışlarını izləyirik və idmançılar tərəfindən dopinq və ya başqa qadağan olunmuş preparatlardan istifadə hallarının olduğunu bilirik. Bu da çoxlu mübahisələr yaratmaqdadır. Belə halların gələcəkdə bizim idmançılarla əlaqədar baş verməməsi üçün təqdim olunan qanun layihəsinin böyük əhəmiyyəti olacaqdır. Layihənin əsas prinsiplərindən göründüyü kimi, qanun antidopinq nəzarətini gücləndirməklə Azərbaycan idmanı ilə bağlı beynəlxalq arenalarda öhdəliklərə dövlət tərəfindən hörmətlə yanaşılmasını, ədalətli oyun prinsiplərini təmin edəcəkdir.
Qanunda Azərbaycan Respublikası Milli Antidopinq Agentliyinin təsis edilməsi qeyd olunur. Düşünürəm ki, belə agentliyin təsis edilməsi vacibdir. Ona görə ki, Azərbaycan idmanı inkişaf edir və idmançılarımızın uğurları günü-gündən artır. Biz də maksimum dərəcədə çalışmalıyıq ki, idmançılarımız dünya miqyaslı yarışlarda sağlam və ədalətli yarışma təqdim edə bilsinlər. Milli Antidopinq Agentliyi qadağan olunmuş preparatlar haqqında idman subyektlərini məlumatlandırmaqla gələcəkdə baş verə biləcək hər hansı bir mənfi halın qarşısını alacaqdır.
Qanun layihəsində idmançılara tibbi xidmətin qaydaları müəyyənləşdirilir. Çox vacib bir haldır, çünki hər hansı bir idmançı qadağan olunmuş dərman vasitələri ilə müalicə oluna bilər və bu, yolverilməzdir. Bu qanun belə halların qarşısının alınmasına xidmət edəcəkdir.
Qanun layihəsinin 4-cü fəsli MADA tərəfindən antidopinq nəzarətinin keçirilməsi qaydalarına həsr olunmuşdur. İdman subyektlərinin məcburi dopinq testindən keçirilməsi, Bio nümunələrin analizi – bütün bunların bir fəsildə göstərilməsi dopinq yoxlamalarının vacibliyini göstərir. Qanun layihəsində antidopinq qaydalarının pozulması halları müəyyən edildikdə tətbiq olunacaq sanksiyalar haqqında geniş məlumat verilir. Burada komandalara tətbiq edilən sanksiyalar, antidopinq qaydalarını pozanda tətbiq edilən cəzalar və onların müddətləri haqqında geniş yazılmışdır. Ümumiyyətlə, qanun layihəsi ətraflı, əhatəli və başa düşülən dildə yazılmışdır və idman sahəsində baş verə biləcək bu cür neqativ halların vaxtında müəyyən edilməsinə və aradan qaldırılmasına kömək edəcəkdir. Qanun layihəsinin qəbulunu vacib hesab edirəm və onun hazırlanmasında əməyi olan hər kəsə təşəkkürümü bildirirəm.
Sonda bir təklifimi bildirmək istəyirəm. Qeyd etdik ki, idmanımız inkişaf edir və bu sahəyə ixtisaslaşmış tibbi nəzarət vacibdir. Son zamanlar bu mövzu daha da aktuallaşmışdır. İdman sahəsində ixtisaslaşmış həkimlərin, hüquqşünasların hazırlanmasına ehtiyac var. Gələcəkdə bu sahəyə də diqqətimizi yönəltməliyik. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Dedim ki, komitə üzvlərinə söz vermirik. Qüdrət Həsənquliyev buyursun.
Q.Həsənquliyev. Çox sağ olun, cənab Sədr. Hörmətli həmkarlar, doğrudan da, çox yaxşı bir qanun layihəsi hazırlanıb. Mən də qanunun hazırlanmasında xidməti olan hər kəsə təşəkkürümü bildirirəm. Amma çox təəssüf, biz ürək ağrısı ilə seyr edirik ki, Azərbaycanın adı mütəmadi olaraq dopinqdən istifadə məsələlərində hallanır. Bilirsiniz ki, olimpiadada bizim ağırlıq qaldıranları yarışlara buraxmadılar. Düşünürəm ki, qanunun özündə federasiyaların məsuliyyəti məsələsi qoyulmalıdır. Dopinqə nəzarət məsələsində federasiyalar məsuliyyət daşımalıdırlar. Həm də burada qeyd olunub ki, müraciət edilən şəxs tərəfindən ödənilməlidir. Düşünürəm ki, onsuz da federasiyaların maliyyə imkanları o qədər yüksək deyil. Bəlkə düşünmək lazımdır ki, federasiyalar dopinqin həyata keçirilməsi üçün pul ödəməsinlər. Bu, məcburi hal kimi federasiyaların üzərinə qoyulur, amma onlar buna çox da maraqlı olmayacaqlar. Fuad müəllim gözəl söylədi, bu qanunda əsas məqsəd daha çox təbliğat xarakteri daşıyır ki, dopinqdən istifadə olunmasın. Amma çox təəssüf ki, bundan istifadə olunur.
Hörmətli Azad müəllimin burada iştirak etməsindən istifadə edərək demək istəyirəm ki, bölgələrdə tikilmiş olimpiya idman komplekslərindən lazımi səviyyədə istifadə olunmur. Onların bir çoxu rayon mərkəzlərindən kənarda tikilib. Bilirsiniz ki, rayonlarda da rayondaxili avtobuslar işləmir, ona görə gediş-gəliş müəyyən mənada çətindir. Bu barədə ciddi şəkildə düşünmək lazımdır, ora kifayət qədər vəsait yatırılıb, onların imkanlarından lazımınca istifadə olunmalıdır.
Bir də mən, Oqtay müəllim, Gənclər və İdman Nazirliyinə müraciət etmək istəyirəm. Bu yaxınlarda Futbol üzrə Avropa Çempionatı keçirildi. Orada İslandiya heç kimin gözləmədiyi nəticələr göstərdi. Hamını maraqlandırdı ki, necə olur, 330 min əhalisi olan bir ölkə belə güclü komanda formalaşdıra bilir? Sonra bəlli oldu ki, bu ölkədə əvvəllər gənclər, xüsusilə məktəblilər arasında siqaret çəkmək, spirtli içkilər qəbul etmək çox geniş yayılıbmış. Hökumət səviyyəsində məsələ müzakirə olunub ki, nə edək? Qərara gəliblər ki, futbol populyar idman növü olduğuna görə məktəblərdə mütləq futbol dərsləri keçirilsin. 330 min əhalisi olan ölkədə 150 stadion tikilib. Beləliklə də, ölkədə futbol kütləviləşib.
Onu da deyim ki, təkcə komanda fərqlənmədi, onların azarkeşləri də öz davranışlarına görə başqalarından seçildilər və bütün dünya bundan danışırdı. Azərbaycanda bu qanunları qəbul edirik, amma bu istiqamətdə səylərimizi də artırmalıyıq. Məktəblərdə idman dərslərinin saatlarını artırmalıyıq. Bu, sağlamlıq üçün çox lazımdır. Bu gün məktəbəqədər müəssisələrlə bağlı qanun qəbul edəcəyik. İdman tərbiyəsi də elə məktəbəqədər müəssisələrdən başlanmalıdır. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Aqil Abbas. Xahiş edirəm, qanun layihəsinə konseptual baxımdan yanaşın.
A.Abbas. Təşəkkür edirəm, Oqtay müəllim. Mən məsələyə bir az başqa tərəfdən yanaşmaq istəyirəm. Ciddi məsələdir və səs verəcəyik. Amma bu dopinq məsələsi artıq dünyada siyasi məsələyə çevrilib. Bizim ağırlıq qaldıranları yarışlara buraxmırdılar. Eyni zamanda, Rusiyaya bu çox güclü şəkildə tətbiq olundu. Onun bir zərbəsi də bizə dəydi. Deyirlər ki, 7 min növ dərmandan istifadə eləmək olmaz. Belə çıxır ki, kəkotu çayını da içmək olmaz, çünki onda da dopinq var.
Sözümü ona gətirmək istəyirəm ki, 2008-ci ildə Çin olimpiadasında iştirak edən bir idmançımızın bütün nəticələrini ləğv ediblər ki, dopinq qəbul eləmisən. Dopinq komissiyası 8 il niyə yatmışdı? 8 ildən sonra bunun qan analizi qalıb? Məlum olub ki, o, 8 il bundan qabaq dopinq qəbul edib. Əslində mən çox arzu edərdim ki, Milli Olimpiya Komitəsi və yeni yaradılan komitə bu məsələlərə çox ciddi yanaşsın. Bunu kim eləyibsə, onu buraxmayın. Amma bir ölkəni bir və ya iki nəfərə görə cəzalandırmaq sırf siyasi məqsəd daşıyır, çünki əhali nisbətini götürəndə Azərbaycan Amerikadan da, Rusiyadan da çox medal qazanıb. Burada belə təzyiq vasitələri də var. Mən həm Gənclər və İdman Nazirliyindən, həm də Milli Olimpiya Komitəsindən xahiş edərdim ki, belə məsələlərdə axıra qədər vuruşsunlar. Vuruşsunlar və soruşsunlar ki, qardaş, 8 ildən sonra nə bildin, əlinin içini iylədin? Azərbaycana təzyiq göstərmək üçün belə siyasi məsələlər var.
Azad müəllimin bir çıxışını oxudum, ona Qüdrət müəllim də toxundu. Rayonlarda olimpiya idman kompleksləri tikiblər. Azad müəllim deyir ki, onların çoxu bizə tabe deyil. Onları müəyyən şirkətlər tikib, onlarındır. Həmin şirkətlər tikib, sağ olsunlar. Amma dədələrinin pulu ilə deyil, dövlətin pulu ilə tikiblər, qanunla Milli Olimpiya Komitəsinə, Azad müəllimə təhvil verməlidirlər. Azad müəllim də Milli Olimpiya Komitəsi də onlardan tələb eləsin ki, 10 ildir səndə belə bir təsisat fəaliyyət göstərir, neçə idmançı vermisən? Onda biz Azad müəllimdən, Milli Olimpiya Komitəsindən tələb eləyə bilərik ki, onlar niyə işləmir?
Əvvəllər plan deyilən bir şey var idi. Çox üzr istəyirəm, hələ bir-iki dəqiqə vaxtım var. Ağdamda bir sambo məktəbi var idi. Özü də köhnə bir binada yerləşirdi, adam orada nəfəs ala bilmirdi. Oradan təxminən 10-dan çox dünya və Avropa çempionu çıxıb, çünki bir tələb var idi. İndi gözəl olimpiya kompleksləri tikilib. Onlardan mehmanxana kimi istifadə olunur. Stadionlar nə gündədir? Ona görə mən çox istərdim ki, Milli Məclis tələb eləsin, həmin komplekslər İdman və Gənclər Nazirliyinə və ya Milli Olimpiya Komitəsinə verilsin. Belə olarsa, sonra onlardan nə isə tələb eləyə bilərlər. Təşəkkür edirəm, Oqtay müəllim.
Sədrlik edən. Sağ olun. Səsə qoyacağıq, amma sizə deyim ki, 8 il də saxlayırlar, 10 il də. Dopinq tamamilə başqa məsələdir.
Azad müəllim də bilir, qanunda hələ çox dəyişikliklər olacaq. Aidiyyəti icra hakimiyyəti orqanı agentlik yaradacaq və sair. Hesab edirik ki, bu qanun layihəsinin konseptual baxımdan qəbul olunması onu dəstəklədiyimizi bir daha göstərəcək.
Xahiş edirəm, qanun layihəsinə birinci oxunuşda münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.57 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 96
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Azad müəllimin sözü yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Çox sağ olun. Növbəti məsələ Kredit büroları haqqında qanun layihəsinin ikinci oxunuşudur. Buyursun Ziyad Səmədzadə.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən də hesab edirəm ki, çox vacib bir qanun layihəsini birinci oxunuşda qəbul etdik.
Hörmətli millət vəkilləri, bilirsiniz ki, Kredit büroları haqqında Azərbaycan Respublikası qanununun layihəsini birinci oxunuşda qəbul etmişik. Bu gün Azərbaycan Respublikasında iri miqyaslı tədbirlər, islahatlar aparılır və belə bir qanunun qəbulu, heç şübhəsiz ki, ölkədə pul-kredit, maliyyə sisteminin təkmilləşdirilməsinə xidmət edəcəkdir.
Cənab Sədr, məlumat vermək istəyirəm ki, Sizin tapşırığınızla qısa zaman kəsiyində Prezident Administrasiyası, Maliyyə Bazarlarına Nəzarət Palatası və Aparatın müvafiq şöbəsi ilə qanun layihəsinin birinci oxunuşunda millət vəkilləri tərəfindən səsləndirilən fikirləri ətraflı müzakirə etmişik və layihənin üzərində kifayət qədər işləmişik. Sizin yanınızda olan söhbətdə də bu məsələlərə bir daha aydınlıq gətirildi. Demək olar ki, millət vəkilləri tərəfindən deyilmiş fikirlər nəzərə alınmışdır. Bu qanun, heç şübhəsiz, Azərbaycanın bank sistemində bir çox xoşagəlməz proseslərin aradan qaldırılmasına kömək edəcəkdir.
Təkmilləşdirmələrə əsasən kredit bürolarının məlumat təchizatçıları və istifadəçiləri tərəfindən məlumatların təqdim edilməsi və alınması üçün daha dəqiq normativ prosedurlar müəyyən edilmiş, hər bir subyektin razılığı ilə onun haqqında məlumatların təqdim edilməsi mexanizmləri nəzərdə tutulmuşdur. Bununla yanaşı, məlumat təchizatçılarının və məlumat istifadəçilərinin əhatə dairəsi, onların hüquq və vəzifələri qanun layihəsində dəqiqləşdirilmişdir. Qanun layihəsində məlumat subyektlərinin hüquq və vəzifələri, onun haqqında toplanmış məlumatların dəqiqləşdirilməsi üçün müraciətlərin qeydiyyatı məsələləri, məlumat dövriyyəsini əhatə edən hər bir subyektin müraciətinin araşdırılması üçün dəqiq müddəalar müəyyənləşdirilmişdir.
Bununla yanaşı, ölkə üçün mühüm məlumat mənbələrindən biri olacaq kredit bürolarının fəaliyyətinin tələb olunan səviyyədə nəzarətlə əhatə olunması həddən artıq mühüm əhəmiyyət daşıyır. Bu məqsədlə məlumat təchizatçıları və məlumat istifadəçiləri ilə yanaşı, kredit bürolarının məsuliyyət meyarları qanun layihəsinə daxil edilmiş və ona səbəb ola biləcək məqamlar sənədlərdə əks edilmişdir.
Qanun layihəsində linqvistik baxımdan bir sıra təkmilləşdirmələr həyata keçirilmiş, bəzi texniki ifadələr dilimizdə olan daha işlək və daha anlaşıqlı sözlərlə əvəz edilmişdir.
Müzakirəyə təqdim olunan qanun layihəsi bu sahədə rast gəlinən ən müasir beynəlxalq təcrübə əsasında formalaşdırılmış, habelə müasir innovasiyaların tətbiqinə imkan yaradan baza rolunu oynayacaqdır. Kredit bürolarının fəaliyyətə başlaması, heç şübhəsiz, ölkənin biznes mühitinə, maliyyə sabitliyinə, maliyyə infrastrukturuna pozitiv təsir edəcək, habelə ölkənin investisiyaya cəlb edilməsi baxımından əhəmiyyətli rol oynayacaqdır.
Azərbaycan Respublikasının tarixində bu, ilk təşəbbüsdür. Bu təşəbbüs qəbul olunarsa, dəstəklənərsə, maliyyə sabitliyinin təmin edilməsi istiqamətində cənab Prezident tərəfindən görülən işlər öz müsbət nəticəsini verə bilər. Ona görə millət vəkillərindən xahiş edərdim ki, bu qanun layihəsinə müsbət münasibət bildirsinlər. Sağ olun.

Azərbaycan  Respublikası  Milli  Məclisi  Sədrinin
birinci  müavini  Z.Əsgərov  sədrlik  edir

Sədrlik edən. Sağ olun, Ziyad müəllim, təşəkkür edirəm. Hörmətli deputatlar, bilirsiniz, qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. Daxili Nizamnamənin tələbinə görə, biz müzakirəyə başlamazdan əvvəl qanun layihəsini əsas kimi qəbul etməliyik. Xahiş edirəm, qanun layihəsinin əsas kimi qəbul edilməsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 17.02 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

Çox sağ olun, qanun layihəsi əsas kimi qəbul olundu.
İndi isə qanun layihəsinin müzakirəsinə başlayırıq. Qanun layihəsi 4 fəsildən ibarətdir. Çıxış eləmək istəyən varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Mən axı, soruşmalıyam, deputatların fikrini bilməliyəm. Yazılan var? Musa Quliyev, buyurun.
M.Quliyev. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Komitə sədri hörmətli Ziyad müəllim çox ətraflı və aydın izahat verdi. Həm qanun layihəsindən, həm də izahatdan görünür ki, bu, ölkədə bank-vətəndaş, kredit alan, kredit verən münasibətlərinin sağlamlaşdırılması və kredit risklərinin səmərəli idarə edilməsi üçün çox gərəkli bir sənəd olacaqdır. Kredit bürosu ölkədə sağlam kreditləşmə və məsuliyyətli borc almanı təşviq edəcəkdir. Kredit bürolarının yaranması həm də böyük mənada Azərbaycanın iqtisadi göstəricilərinin yaxşılaşmasına səbəb olacaqdır, çünki Dünya Bankının böyük biznes hesabatlarında kredit bürolarının fəaliyyəti çox mühüm göstərici kimi qeyd olunur. Bütövlükdə bu qanuna hamımız tərəfdarıq.
Ziyad müəllim, mənim iki sualım var. Birinci, 5.2-ci maddədə göstərilir ki, kredit bürosunun fəaliyyəti üçün tələb olunan nizamnamə kapitalının minimum məbləğini nəzarət orqanı müəyyən edir. Minimum məbləğ nə qədər olacaq və niyə bunu hökumət, Milli Məclis deyil, nəzarət orqanı müəyyən edir?
Bundan başqa, 5.8.4-cü maddədə öncədən balans, mənfəət, zərər haqqında üç illik maliyyə proqnozları verilir. Bilirsiniz, indi dünyada çox ciddi iqtisadi böhran var. Neft böhranı, dollar böhranı var. Belə olan halda ilk üç il üçün maliyyə proqnozlarının verilməsi nə qədər doğru olar? Bəlkə elə birillik, ya da ikiillik proqnozu versin ki, sonra problem çıxmasın?
Bir təklifim də var. Burada faktorinq və lizinq müqavilələrindən söhbət gedir. Təbii ki, bunlar mütəxəssislər üçün aydın olan məsələlərdir. Amma qanunla işləyən vətəndaşlarımız da olacaq. Onlar hüquqi və maliyyə terminlərinə o qədər yaxın olmayan şəxslər ola bilərlər. Yaxşı olar ki, “Əsas anlayışlar”da “faktorinq müqaviləsi” və “lizinq müqaviləsi” anlayışı da verilsin.
Digər təklifim, Ziyafət müəllim, qanunun qəbul edilməsi proseduru ilə bağlıdır. Yəqin bütün deputat həmkarlarım da bu fikri dəstəkləyəcəklər ki, bu qanun çox operativ qəbul olunmalıdır, çünki bank-kredit sisteminin sağlamlaşdırılmasında böyük rolu olacaq kredit bürolarının yaranması çox vaxt tələb edən bir məsələdir. Bunun üçün nə qədər tez hüquqi əsaslar yaranarsa, o qədər yaxşı olar. Əgər etiraz yoxdursa, təklif edirəm ki, burada səslənən fikirlər nəzərə alınmaqla bu qanun layihəsini bu gün ikinci və üçüncü oxunuşda qəbul edək. Təşəkkür edirəm.
Sədrlik edən. Ziyad müəllim, suallara cavab vermək istəyirsiniz?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Mikrofon verin.
Z.Səmədzadə. Nizamnamə kapitalı ilə əlaqədar olaraq İlqar Muradovun danışması daha məqsədəuyğundur.
İ.Muradov, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Publik Hüquqi Şəxsinin Direktorlar Şurası sədrinin müavini.
Təşəkkür edirəm suallarınıza görə. İcazə versəniz, sondan başlayardım. “Faktorinq”, “lizinq” anlayışları ilə bağlı fikirlər irəli sürüldü. Qeyd eləmək istəyirəm ki, bu anlayışlar Mülki Məcəllədə öz əksini tapmışdır. Ona görə təkrarçılığa yol verməyə ehtiyac duymadıq. Artıq bu normalar qanunda mövcuddur.
İkinci, nizamnamə kapitalının minimum məbləğinin nəzarət orqanı tərəfindən müəyyən edilməsinə gəldikdə isə bildirim ki, dünya təcrübəsində də, bizim qanunvericilik sistemimizdə də nizamnamə kapitalının müəyyən olunması məhz nəzarət orqanı tərəfindən həyata keçirilir. Bu da proseslərin kifayət qədər çevik həyata keçirilməsi üçün imkan yaradır. Nəzarət orqanlarının hər hansı bir təşkilatın fəaliyyətinə vaxtında münasibət bildirməsi üçün imkan yaradır.
O ki qaldı 3 illik maliyyə proqnozlarına, dünya təcrübəsində bu cür yanaşma mövcuddur. Biz hamımız bilməliyik ki, hər hansı bir təşkilat fəaliyyətə başladıqda ancaq uzun müddətli strategiyasını müəyyən etməlidir. Uzun müddətli strategiya əsasında iqtisadiyyata, həmin sektora verə biləcəyi töhfələr nəzərə alınmaqla ona yanaşılmalıdır. Ona görə hesab eləmirik ki, bir il ərzində ona hər hansı bir plan verildikdə, buna çevik reaksiya verməsi düzgün olardı. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, İlqar müəllim, təşəkkür edirəm. Əgər başqa çıxış eləmək istəyən yoxdursa.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Vahid müəllim, Siz gözləyib, gözləyib axırda yazılırsınız. Bayaqdan yazılın da. Buyurun.
V.Əhmədov. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli millət vəkilləri, hörmətli mətbuat nümayəndələri! Bu qanun layihəsini bizim komitənin iclasında Maliyyə Bazarlarına Nəzarət Palatası təqdim eləyib. Belə qeyd edirlər ki, məsləhət görürlər ki, bu qanun bank sisteminin sağlamlaşmasında çox əhəmiyyətli rol oynayacaq. Əlbəttə, mən də belə hesab edirəm. Çünki təcrübə var, qonşu Gürcüstanda bu qanun çox uğurla həyata keçirilir. Düzdür, Azərbaycanda da bu qanun layihəsi 6–7 ildir ki, fırlanırdı, amma müəyyən məqsədlər var idi, ona görə qəbul olunmurdu. Nəhayət, qanun layihəsi Milli Məclisə təqdim olundu.
Qanun layihəsində yalnız bank sistemi nəzərdə tutulmur. Mən ona görə çıxış etmək istədim. Bank sistemindən başqa, iaşə xidmətləri, yəni su, elektrik enerjisi, qaz təchizatı və sairədə yaranmış kredit borclarını qaytarmaq üçün də belə bürolar yaradıla bilər. Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri cənab Rüfət Aslanlı da, digərləri də çıxış edəndə yalnız bank sisteminə toxundular.
Mən onu qeyd etmək istəyirəm ki, yalnız bank sistemində deyil, digər xidmət sistemlərində də belə bürolar yaradıla bilər. Yəni bu qanun layihəsi böyük bir sahəni əhatə etməlidir. Əgər biz bu qanun layihəsinin icra mexanizmini düzgün qura bilsək, bu gün bank sistemində yaranmış 1,5 milyarda yaxın kredit borclarının müəyyən hissəsini qaytarmaq mümkün olacaq. Ona görə də bu qanun layihəsində icra mexanizmini düzgün qurmaq əsasdır. Bu gün Azərbaycanın bir nömrəli problemi bank sisteminin sağlamlaşdırılması ilə bağlıdır. Bu prosesi biz bir-iki ildə uğurla həyata keçirə bilsək, Azərbaycan iqtisadiyyatında elə bir ciddi problem olmayacaq. Ona görə mən də təklif edərdim ki, qanun layihəsini həm ikinci, həm də üçüncü oxunuşda qəbul edək. Sağ olun.
Sədrlik edən. Sağ olun. Əgər başqa çıxış eləmək istəyən yoxdursa, biz səsvermə proseduruna keçirik. Bilirsiniz, qanun layihəsi 4 fəsildən ibarətdir. İkinci oxunuşun tələblərinə uyğun olaraq biz qanun layihəsini fəsil-fəsil səsə qoymalıyıq.
Buyurun, xahiş edirəm, 1-ci fəslə münasibət bildirin.

Səsvermənin nəticələri (saat 17.11 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, 2-ci fəslə münasibət bildirin.

Səsvermənin nəticələri (saat 17.12 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 96
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, 3-cü fəslə münasibət bildirin.

Səsvermənin nəticələri (saat 17.12 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, 4-cü fəslə münasibət bildirin.

Səsvermənin nəticələri (saat 17.13 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 98
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri
O.Əsədov  sədrlik  edir

Sədrlik edən. Qaydaya uyğun olaraq qanun layihəsini bütövlükdə səsə qoyuruq. Xahiş edirəm, münasibət bildirin.

Səsvermənin nəticələri (saat 17.13 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

Çox sağ olun, qanun layihəsi ikinci oxunuşda qəbul olundu.
Təkliflər olmuşdu, çıxış edənlər də yoxdur. Əgər etiraz yoxdursa, qanun layihəsini üçüncü oxunuşda səsə qoyaq. Etiraz yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda xahiş edirəm, qanun layihəsinin üçüncü oxunuşda qəbul olunmasına münasibət bildirəsiniz.

Səsvermənin nəticələri (saat 17.14 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 99
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul olundu.
Nəhayət, əsas məsələlərdən biri olan Məktəbəqədər təhsil haqqında qanun layihəsinin müzakirəsinə keçirik. Buyursun İsa Həbibbəyli. Bu da birinci oxunuşdur, buna da konseptual yanaşmaq lazımdır. Buyurun, İsa müəllim.
İ.Həbibbəyli, Milli Məclisin Elm və təhsil komitəsinin sədri.
Hörmətli millət vəkilləri və dəvət olunmuş qonaqlar! Məlumunuz olduğu kimi, 2009-cu ildə “Təhsil haqqında” çərçivə Qanunu qəbul olunandan sonra qanunun təbii məntiqinə uyğun olaraq hazırlanmalı olan qanunlardan biri də Məktəbəqədər təhsil haqqında qanun layihəsidir. Sovet dövlətinin dağılması və yeni cəmiyyət quruculuğunun başlanğıcındakı dərin böhran məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətinin dayanmasına, bir çox hallarda onların maddi-texniki bazasının dağıdılmasına səbəb olduğu üçün bu qanunun hazırlanması zərurəti də arxa plana keçmişdir.
Ümummilli liderimiz Heydər Əliyevdən Prezidentimiz İlham Əliyevə qədər uğurla davam etdirilən siyasət iqtisadiyyatımızın dirçəlməsinə və böyük sürətlə inkişafına səbəb oldu ki, bu da öz növbəsində müstəqil dövlətin millilik və vətənpərvərlik ruhunda tərbiyə olunması üçün mühüm əhəmiyyət kəsb edən məktəbəqədər təhsil müəssisələrinin yenidən qurulmasına təkan verdi. Artıq ölkəmizin Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda – həm paytaxtda, həm də regionlarda müxtəlif və geniş maddi-texniki imkanlara malik olan məktəbəqədər təhsil müəssisələrinin tikilməsi prosesi sürətlə davam edir. Bu proses 2012-ci ildə Nazirlər Kabinetinin məktəbəqədər təhsil sahəsindəki fəaliyyətini nizamlayan nümunəvi nizamnaməsinin meydana çıxmasına səbəb oldu.
Son illərdə məktəbəqədər təhsil müəssisələrinin şəbəkəsinin genişlənməsi, formalarının zənginləşməsi və tikinti-inşaat işlərinin sürətlənməsi isə artıq bu genişlənən fəaliyyətin Məktəbəqədər təhsil haqqında qanun səviyyəsində tənzimlənməsini zəruri hal kimi meydana çıxardı. Bu məqsədlə Milli Məclisin Elm və təhsil komitəsinin nəzdində işçi qrupu yaradıldı. İşçi qrupu ilk olaraq ölkədəki mövcud vəziyyəti dərindən nəzərdən keçirdi, bu məqsədlə yerli icra hakimiyyəti orqanlarının, Təhsil Nazirliyinin, Səhiyyə Nazirliyinin fəaliyyəti, bu istiqamətdə görülən işlər dərindən təhlil olundu. Dövlət Statistika Komitəsinin rəsmi məlumatları müqayisə üçün təhlilə cəlb olundu.
Sonra isə həm ali məktəblərdə, həm də Təhsil Nazirliyinə tabe olan Təhsil Problemləri İnstitutunda aparılan tədqiqatlar diqqətlə nəzərdən keçirildi. Razılıq hissi ilə demək istəyirəm ki, Azərbaycanda məktəbəqədər təhsil sahəsinə aid kifayət qədər pedaqoji, elmi, metodiki ədəbiyyat yazılmışdır və bunlar bizə qanunvericilik bazasının formalaşmasında çox yaxından köməklik göstərdi.
Eyni zamanda, biz dünya təcrübəsini öyrəndik. İsveçin, Finlandiyanın, Estoniyanın, son vaxtlarda Sloveniyanın təcrübəsini öyrəndik, Müstəqil Dövlətlər Birliyi ölkələrindən Rusiyanın, Ukraynanın, Qazaxıstanın, Gürcüstanın təcrübəsi nəzərdən keçirildi. Bütün bunların əsasında – həm dünya təcrübəsi, həm də pedaqoji, metodiki ədəbiyyatda olan təkliflər, təşəbbüslər, çağırışlar nəzərə alınaraq ölkəmizin reallığı əsasa götürülməklə təqdim olunan qanun layihəsi formalaşdırıldı. Lakin dünya təcrübəsi öyrənilərkən məlum oldu ki, dünyanın bir çox ölkələrində məktəbəqədər təhsil haqqında yox, məktəbəqədər təhsil müəssisəsi haqqında qanunlar qəbul olunmuşdur. Bir neçə ölkədə isə məktəbəqədər yaşlı uşaqlara qayğı və ya məktəbəqədər uşaqların himayəsi ilə bağlı qanunlar, nizamnamələr, əsasnamələr meydana çıxmışdır.
Elm və təhsil komitəsinin təqdim etdiyi qanun layihəsi isə məktəbəqədər təhsilin bütün fəlsəfəsini, sistemini tam halda əks elətdirir. Bu mənada biz həm dünya təcrübəsindən faydalanmışıq, həm də Azərbaycan reallığı əsas götürülmüşdür. “Məktəbəqədər təhsil” anlayışı isə özündə təhsilin, təlimin və tərbiyənin bütün sistemini əks elətdirir. Beləliklə, Məktəbəqədər təhsil haqqında qanun məktəbəqədər tərbiyə haqqında qanun və məktəbəqədər təlim haqqında qanun və məktəbəqədər təhsil haqqında qanun deməkdir. Bu, məsələyə kompleks yanaşma əsasında meydana çıxan bir qanun layihəsidir.
Təqdim olunan qanun layihəsi 5 fəsil və 24 maddədən ibarətdir. Qanunvericilik prosedurlarına uyğun olaraq “Ümumi müddəalar” adlı 1-ci fəsildə əsas anlayışlar nəzərə çatdırılmışdır. Əsas anlayışları təqdim edərkən, sadəcə, qanunun savadlı yazılmasını göstərmək üçün yeri gəldi-gəlmədi bu sahəyə aid olan-olmayan terminologiyanı bura daxil etmək məqsədi daşımamışıq. Qanunun mətnində, sonrakı fəsillərində istifadə olunan terminlərin, anlayışların izah edilməsinə fikir vermişik ki, bunlar qanunun asan oxunmasında və ya başa düşülməsində bir açar rolunu oynaya bilsinlər.
1-ci fəsildə həm də məktəbəqədər təhsil haqqında dövlətin siyasəti, vəzifələri, dövlət standartları ilə bağlı müddəalar öz əksini tapmışdır. Biz bu fəslin məntiqinə uyğun olaraq məktəbəqədər yaşda gənc nəsildə azərbaycançılıq tərbiyəsinin elementlərinin aşılanmasını, hətta bir çox mental dəyərlərin qorunub saxlanmasını zəruri saydığımız üçün müddəalarda bunlara yer ayırmışıq.
Məsələn, dünya təcrübəsində, xüsusən Qərbdə, öz əksini tapan müddəalardan biri də budur ki, uşaqlar doğulduğu vaxtdan – iki aydan, üç aydan, ən geci altı aydan sonra məktəbəqədər təhsil müəssisələrinə, körpələr evinə verilir. Azərbaycan reallığında isə uşaqların ana südü ilə bəslənməsi onların sağlamlığı, fiziki və mənəvi kamilliyi üçün əsas şərtlərdən biri sayılır.
Ölkəmizdə aparılan sosioloji tədqiqatlar göstərir ki, gənc ailələrin möhkəmlənməsində, ailədə qarşılıqlı münasibətlərin formalaşmasında yeni doğulan uşağın ailədə tərbiyə olunmasının da mühüm əhəmiyyəti vardır. Ona görə biz qanun layihəsində Azərbaycan reallığını əsas götürərək ən zəruri hallarda bir yaşından sonra uşaqların məktəbəqədər təhsil müəssisələrinə verilməsini məqsədəuyğun hesab etmişik. Eyni zamanda, dünya təcrübəsində valideynlərin məktəbəqədərki uşaqların üzərindəki məsuliyyəti arxa plana keçirilib, daha çox təhsil müəssisələrinin üzərinə vəzifələr qoyulmuşdur. Amma burada Azərbaycan reallığı, məktəbəqədər təhsil müəssisəsi ilə ailənin birgə fəaliyyəti, hətta ailənin aparıcılığı nəzərə alınmışdır. İlk dəfə olaraq valideynlərin də hüquq və vəzifələrinə aid xüsusi maddələrin olması zəruri hallardan biri kimi qanun layihəsində təsbit olunmuşdur.
Qanun layihəsinin “Məktəbəqədər təhsilin təşkili” adlanan 2-ci fəslində məktəbəqədər təhsilin məqsədi, mahiyyəti, vəzifələri öz əksini tapmışdır. Eyni zamanda, bu fəsildə məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətini əlaqələndirmək, təcrübəsini öyrənmək üçün ictimai əsaslarla fəaliyyət göstərən Məktəbəqədər Təhsil Müəssisələri Assosiasiyasının yaradılması vacib sayılmışdır. Mülkiyyət formasına görə dövlət, bələdiyyə və özəl məktəbəqədər təhsil müəssisələri müəyyən olunmuşdur.
Məktəbəqədər təhsil müəssisələrinin 20-dən çox növü var. Doğulduğu vaxtdan uşaqların bağçalara verilməsi zərurət olan ölkələrdə məktəbəqədər təhsilin müxtəlif qolları var. Amma bunlar Azərbaycan reallığında özünü doğrultmadığı üçün bizim qanun layihəsində öz əksini tapmamışdır. Biz məktəbəqədər təhsil müəssisələrinin növləri kimi, əsasən, “ясли” adlanan körpələr evini, uşaq bağçalarını, məktəbəqədər hazırlıqla məşğul olan ümumtəhsil məktəblərini, fiziki cəhətdən qüsurlu olan uşaqların məktəbəqədər təhsilini təşkil edən xüsusi tipli məktəbəqədər təhsil müəssisələrini, sanatoriya tipli təhsil müəssisələrini, eksperimental tipli məktəbəqədər təhsil müəssisələrini qanunda təsbit etməyə çalışmışıq. Eyni zamanda, bu fəsildə məktəbəqədər təhsil müəssisəsində iaşə və tibbi xidmətin təşkili ilə bağlı müddəalar da hüquqi cəhətdən əsaslandırılmış şəkildə təqdim olunmuşdur.
Qanun layihəsinin “Məktəbəqədər təhsilin idarəolunması, adlanan təhsil subyektlərinin hüquqları, vəzifələri və sosial müdafiəsi” adlanan 3-cü fəslində işçi qrupumuz belə hesab etdi ki, bu müəssisələrin rəhbərliyində yalnız ali ixtisas təhsili və ən azı 5 illik iş təcrübəsinə malik olan şəxslər təmsil oluna bilərlər. Bu fəsildə, eyni zamanda, uşaqların hüquqları, valideynlərin və təhsilverənlərin hüquq və vəzifələri də öz əksini tapmışdır.
“Məktəbəqədər təhsilin iqtisadiyyatı” adlanan 4-cü fəsildə məktəbəqədər təhsil müəssisələrinin maliyyələşmə mənbələri və maliyyələşmə prinsiplərinə dair müddəalar yer almışdır. Bundan başqa, həmin fəslin 20-ci maddəsində qeyd olunur ki, məktəbəqədər təhsil müəssisəsi profili üzrə fəaliyyətini saxlanmaq şərti ilə özəlləşdirilə və ya hüquqi və fiziki şəxslərin idarəçiliyinə verilə bilər. Doğrusu, komitədə müzakirə olunarkən bu məsələyə müxtəlif baxışlar var idi. Biz ictimai fikri bir daha dərindən öyrənmək üçün hər iki halı qanun layihəsində saxladıq. Bu günə qədər sosial mediada təhsil ekspertləri tərəfindən bu məsələyə dair müxtəlif fikirlər səsləndirilib.
90-cı illərin əvvəllərində bağçaların özəlləşdirilməyə verilməsindən sonra onların mülkiyyətinin dağıdılması və tabeçilik prinsiplərinin, profilin dəyişməsi, əvəzinə yeni müəssisələrinin tikilməsi bir dərs kimi əsas götürülərək dövlət bağçalarının özəlləşdirmədən çox profili və mülkiyyət forması saxlanmaq şərti ilə idarəçiliyə verilməsinin məqsədəuyğun olması ictimai fikirdə üstün mövqeyə çıxıb. Ona görə biz qanunun ikinci oxunuşunda bu məsələni bir də nəzərdən keçirməli olacağıq.
Qanunun “Yekun müddəalar” adlanan 5-ci fəslində bu sahədəki beynəlxalq əməkdaşlıq öz əksini tapmışdır. Onu da deyim ki, 4-cü fəslə dünyanın heç bir ölkəsində hələlik rast gəlmədiyimiz, lakin ilk dəfə “Elm haqqında” Qanunda tətbiq etdiyimiz kimi məktəbəqədər təhsil sahəsində sahibkarlıq və innovasiya fəaliyyətinə dair ayrıca maddə də daxil olundu. Bu, tam Azərbaycan modelidir. Məktəbəqədər təhsil müəssisələrində valideynlərin və uşaqların arzusuna uyğun olaraq mövcud proqramlardan fərqli şəkildə maraq kursları, dərnəklər, səfərlər, ekskursiyalar, sərgilər, yarışlar təşkil oluna bilər. Bunlar sahibkarlıq və innovasiya fəaliyyəti ilə birbaşa bağlıdır. Biz o fikirdəyik ki, sahibkarlıq və innovasiya fəaliyyətindən əldə olunan gəlirlər yalnız məktəbəqədər təhsil müəssisəsinin maddi-texniki bazasının möhkəmləndirilməsinə və onun işçilərinin sosial müdafiəsinə həsr olunmalıdır.
“Yekun müddəalar”da bu sahədəki beynəlxalq əməkdaşlıq və qanunun pozulmasına görə məsuliyyət məsələləri öz əksini tapmışdır. Bütövlükdə Məktəbəqədər təhsil haqqında qanun layihəsi müstəqil Azərbaycan dövlətinin, ölkəmizin Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi məktəbəqədər təhsil siyasətinin müvəffəqiyyətlə, uğurla icra olunmasına və inkişafına xidmət edə bilər. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Hörmətli millət vəkilləri, 18 nəfər çıxışa yazılıb. Mən xahiş edirəm, 5 dəqiqəyə keçək. Bir daha yada salmaq istəyirəm ki, bu, birinci oxunuşdur, qanun layihəsinə konseptual yanaşmaq lazımdır. Vahid Əhmədovun sualı var, buyursun.
V.Əhmədov. Çox sağ olun, Oqtay müəllim. İsa müəllim, iki məsələ ilə bağlı fikrinizi bilmək istəyirəm. Birincisi, tədris dili ilə əlaqədar göstərirsiniz ki, Azərbaycan dili ilə yanaşı, digər dillərdən də istifadə edilə bilər. Yəni 7 yaşına qədər uşaq Azərbaycan dilini, müstəqil dövlətin dilini öyrənməmiş biz ona rus və ingilis dillərini öyrənməyə icazə veririk. Bu nə qədər məqsədəuyğundur?
İkinci, özəlləşdirmə ilə əlaqədar fikirlərinizi bildirdiniz. Bilirsiniz, mülkiyyət münasibətlərinin dəyişdirilməsi, bu müəssisələrin özəlləşdirilməyə verilməsi, ümumiyyətlə, qəbul edilən deyil. Çünki Azərbaycanda özəlləşdirilmə prosesi getdi və heç bir müəssisə iki ildən sonra öz profilini saxlamadı, başqa profillərə keçdi. Onsuz da Azərbaycanda uşaq bağçaları və məktəbəqədər təhsil müəssisələri ilə əlaqədar çox ciddi problemlər var. Nəyə görə biz bunların özəlləşdirilməsinə icazə verməliyik? Bir də onu nəzərə almaq lazımdır ki, əksər dünya dövlətlərində məktəbəqədər təhsil dövlətin himayəsindədir. Mən xahiş edirəm, bu məsələlərə aydınlıq gətirəsiniz. Sağ olun.
Sədrlik edən. Oldu. Ziyafət müəllimin sualı var. Buyurun.
Z.Əsgərov. Çox sağ olun, hörmətli cənab Sədr. Hörmətli İsa müəllim, əvvəla, mən Sizə təşəkkür edirəm, qanun layihəsini çox geniş, müfəssəl şəkildə təqdim etdiniz. Mən istəyirəm, bir neçə məsələyə aydınlıq gətirəsiniz.
Bu qanun layihəsinin adı “Məktəbəqədər təhsil haqqında”dır. Amma “məktəbəqədər təhsil” nədir, onun anlayışı burada yoxdur. Burada “məktəbəqədər təhsil müəssisəsi” var, hətta “metodist”, “defektoloq” – hər şey var, amma “məktəbəqədər təhsil” yoxdur. Təsəvvür edin ki, biz qanun qəbul edirik, amma bilmirik nədir, elə müxtəlif qanunlar qəbul edirik. Bunun anlayışı açılmalıdır.
Sonra mən bir məsələni bilmək istəyirəm. Məktəbəqədər təhsil müəssisəsi ilə uşaq bağçasının fərqi nədir? Məktəbəqədər təhsil müəssisəsində uşaq əlifbanı öyrənəcəksə, onda birinci sinifdə nəyi öyrənəcək?
Mən xahiş edirəm, bu məsələlər aydınlaşdırılmalıdır. Bəzən elə olur ki, məktəbəqədər təhsil müəssisəsi ilə birinci sinifi səhv salırlar. Amma burada bunların fərqi göstərilməlidir. Burada ümumi standartlar, qiymətləndirmə göstərilib, amma təhsilin özü nədir, onun anlayışı göstərilməyib. Xahiş edirəm, bu məsələyə diqqət yetirəsiniz. Sağ olun.
Sədrlik edən. Sağ olun. Elmira Axundova.
E.Axundova. Çox sağ olun. Məktəbəqədər təhsil təhsil sistemində vacib həlqədir. Onun hədəfi məktəbəqədər yaş dövründəki uşaqlara məktəblərdəki gələcək tədris üçün vərdiş, bacarıq və əxlaqi normalar formalaşdırmaqdır.
Hazırda məktəb proqramları ilbəil çətinləşir. Bir çox məktəblər, xüsusən liseylər şagirdləri müsabiqə, test imtahanları əsasında seçirlər. Buna görə 6 yaşlı uşaqlardan təkcə oxumaq, yazmaq yox, həm də məntiqi düşünmək, özünü kollektivdə düzgün aparmaq, lazımi sosial təcrübə və məişət bacarıqlarına malik olmaq tələb olunur. Əlbəttə, bunu ailədə öyrətmək də olar. Amma bir çox valideynlər uşaqları məktəbəqədər müəssisəyə göndərməyi üstün tuturlar. Bu məktəblər isə ölkəmizdə, xüsusən kənd yerlərində kəskin dərəcədə çatışmır, halbuki bu sahədə çox işlər görülür. Fikrimcə, məktəbəqədər təhsil müəssisələrinin sayının artırılması, ən əsası, cəmiyyətin bütün təbəqələrinə əlçatan olması üçün Təhsil Nazirliyi bu sahəyə daha çox diqqət ayırmalıdır.
Bu gün müzakirə olunan Məktəbəqədər təhsil haqqında qanun layihəsi, heç şübhəsiz, buna xidmət edəcəkdir. Mən bu qanunu məmnunluq hissi ilə qarşılayıram və bunun üçün işçi qrupuna təşəkkürümü bildirirəm. Hesab edirəm ki, layihə ölkədəki reallığa və “Təhsil haqqında” Qanuna uyğun olaraq savadlı şəkildə hazırlanıb. Bir sıra maddələr çox geniş və əhatəli işlənilib, bir çox suallara ətraflı cavab verilib.
“Tədris dili” adlanan maddə dəyərlidir. Vahid müəllimlə mən qismən razıyam, amma realıq belədir ki, bizdə rus və ingilis dillərində ilkin təhsil alan uşaqlar hələ də çoxdur, meyillilik var. Qanuna belə bir müddəa salınıb ki, uşaqlara dövlət dili – Azərbaycan dilinin öyrədilməsi və Azərbaycan dilində ünsiyyət bacarıqlarını inkişaf etdirmək şərti ilə məktəbəqədər təhsil digər dillərdə də aparıla bilər. Bu, mühüm əlavədir. Bizdə hələ də çox sayda rusdilli məktəbəqədər təhsil müəssisəsi var ki, Azərbaycan dilinin öyrədilməsinə arzu etdiyimiz qədər vaxt ayrılmır. Halbuki uşaqlara dövlət dilinin öyrədilməsi dilləri qavrama bacarığının yüksək olduğu kiçik yaşlardan başlanmalıdır.
Qanunun müsbət tərəflərindən biri də odur ki, məktəbəqədər təhsil müəssisələrinin növündən asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanları bir il ərzində uşaqların pulsuz tibbi müayinədən keçməsini, müalicə-profilaktika tədbirlərinin aparılmasını təmin etməlidirlər. Müsbət cəhətlər çoxdur.
Vaxtın azlığını nəzərə alaraq mən bir sıra təkliflərimi də səsləndirmək istərdim. Məncə, qanunda məktəbəqədər təhsil müəssisələrinin yaradılması, yenidən təşkili, ləğvi prinsipləri, yəni onların kim tərəfindən, hansı qaydada yaradılması, bu və ya digər məktəbəqədər müəssisənin yenidən təşkilinin və ya ləğvinin necə baş verməsi, bu barədə kimin qərar qəbul etməsi, ləğv edildikdə və ya bağlandıqda əmlakın, binaların, torpağın kimə keçməsi və digər məsələlər əks olunmalıdır. Hansı hallarda bu müəssisələrin mülkiyyət forması dəyişə bilər, misal üçün, dövlətdən bələdiyyəyə, ya da əksinə bələdiyyədən dövlətə keçə bilər? Bu məqamlar bazar iqtisadiyyatı şəraitində vacibdir və daha geniş işlənməlidir.
Bundan əlavə, bir sualım məktəbəqədər müəssisənin təsisçiləri ilə bağlıdır. Çünki 11-ci maddədə qeyd olunur ki, məktəbəqədər təhsil müəssisəsinin təsisçisi dövlət, bələdiyyələr, Azərbaycan Respublikasının hüquqi şəxsləri və vətəndaşları ola bilər. Deməli, xarici vətəndaşlar, xarici hüquqi şəxslər Azərbaycanda məktəbəqədər təhsil müəssisəni təsis edə bilməzlər.
Maddə 22-də isə yazılır ki, dövlət məktəbəqədər təhsil müəssisələrinin innovasiya və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə yerli və xarici investisiyaların cəlb edilməsinə əlverişli şərait yaradır. 11-ci və 21-ci maddələr, məncə, bir qədər ziddiyyət təşkil edir. Fikrimcə, əgər məktəbəqədər tədris prosesinə xarici investisiyanı cəlb etmək istəyiriksə, Azərbaycanda akkreditasiya olunmuş rəsmi xarici şirkət və ya hüquqi şəxslərə də imkan verməliyik ki, özlərinin məktəbəqədər müəssisələrini aça bilsinlər. Onlar bizim vətəndaşlarla birgə təsisçi ola və birgə müəssisə aça bilərlər. Əlbəttə ki, bunlar dövlətin nəzarəti altında olmalıdır.
Nəhayət, başa düşə bilmirəm ki, dövlət məktəbəqədər təhsil müəssisələri hansı növ sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilərlər. Bilirsiniz, uşaqları qəbul edərək orada ödənişli əsaslarla tədris keçsək, bu, mümkün olar. Lakin bu da məktəbəqədər təhsil müəssisələrinin mahiyyətinə ziddir və mənə elə gəlir ki, 22-ci maddədən sahibkarlıq fəaliyyətləri ilə bağlı hissəni çıxarmaq lazımdır. Sağ olun.
Sədrlik edən. Fazil Mustafa.
F.Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Hörmətli İsa müəllim təqdimatında dedi, müxtəlif ölkələrin qanunvericilik təcrübəsi öyrənilərək bizə kifayət qədər ciddi qanun layihəsi təqdim olunub. Böyük zəhmət çəkilib, təqdir edirəm. İndiki dövrdə olduqca zəruri olan və əhalinin əksər kateqoriyalarını maraqlandıran və narahat eləyən bir mövzuda qanunvericilik təşəbbüsü ilə addım atılıb. Amma bunu elə mükəmməl müzakirədən keçirməliyik ki, bu, vətəndaşın hər hansı bir şəkildə məktəbəqədər təhsil imkanlarını real səviyyədə genişləndirsin.
Burada Ziyafət müəllim haqlı olaraq müəyyən suallar verdi. Diqqət edirsinizsə, layihədə təqribən 10 növ məktəbəqədər təhsil müəssisəsi nəzərdə tutulub ki, bunların xeyli hissəsi təlim müəssisələridir. Məsələn, körpələr evi, uşaq bağçası hansısa bir variantda təhsil müəssisəsinə daxil olmur. Ona görə bu qanunu konkretləşdirmək lazımdır. Konkret olaraq 5 yaşı tamam olmuş uşaqların məktəbəqədər təhsilindən söhbət getməlidir. Eyni kateqoriyadan olan başqa xüsusi təhsil müəssisələrindən də söhbət gedə bilər və bu qanun, məncə, tənzimləmə predmetini dəqiqləşdirməlidir. Belə olmadıqda açığı, mənim üçün də bir az qarışıqlıq yaranır.
Məktəbəqədər təhsillə bağlı İsa müəllim tez-tez haqlı olaraq vurğuladı ki, Azərbaycan reallığını nəzərə alırıq. İndi təsəvvür edin, qanunvericilikdə nəzərdə tutulur ki, 5 yaşını tamamlamış uşaqlar məktəbəqədər təhsil müəssisəsinə getməlidir, bu zərurətdir. Dövlətin siyasəti budur. İndi baxın, hansı məktəbəqədər dövlət təhsil müəssisəsinin avtobusu var? Uşağın valideynləri – ana da, ata da işləyir. Bu gün onların çəkdikləri əzabı görürsünüz. Hər bir valideyn işindən, gücündən aralanaraq uşağını məktəbə aparıb, gətirməklə məşğuldur. Amerikada və Avropada bəlkə belə bir qanunun işləməsi daha real olar. Amma Azərbaycan şərtlərində valideynin əlavə məsrəfləri ən çox məktəbə gedir. Buna düşünərək baxmaq lazımdır ki, birinci sinifdən başlayaraq o məsrəflər gedəcək, məktəbəqədər təhsil üçün də valideyn əlavə enerjisini, vaxtını sərf eləməlidir.
Ona görə də birinci, düşünməliyik ki, biz bu imkanı yaratmışıqmı ki, sonra bu müəssisələri açaraq bunu həyata keçirək? Ona görə də burada paralel olaraq özəl məktəbəqədər təhsil sisteminin stimullaşdırılması vacibdir. Çünki istəsək də, istəməsək də Azərbaycan cəmiyyətində diferensiasiya var. Adamlar var ki, indi Azərbaycanda uşaq bağçasına 1200, 1400 manat ödəyir. Yəni zənginlər üçün bir bağça, orta təbəqə üçün ayrı bağça, yoxsullar üçün isə dövlət bağçaları var.
İndi dediyimiz fiziki sağlamlıq şəraiti heç məktəbdə oxuyan şagirdlər üçün yoxdur, məktəbəqədər təhsil müəssisəsində necə olacaq? Bunun prinsipi necə müəyyən olunacaq? Tutaq ki, 10–15 nəfərə icazə veriləcək. Qanunla lap 20–22 nəfərə icazə verilsin. Ondan sonra açıq olduğuna görə hər kəs bura qəbul olunacaq. İstər-istəməz müəllim də müəyyən dərəcədə enerji sərf eləyir. Uşaqların sayı artdıqca o, məcbur olacaq ki, hər biri ilə ayrı-ayrı sövdələşsin, 20–30 manat ödəniş tələb eləsin və bununla da hər bir uşağı ayrıca hazırlaşdırmaq prinsipini seçsin. Ona görə də biz düşünməliyik ki, necə eləyək? Əgər məktəbəqədər təhsil üçün özəl sektorun qiyməti 30–40 manatdırsa və dövlət bir uşaq üçün 20 manat müəyyən edirsə, o 20 manatı özəl sektora ödəməklə valideynin yükünü yüngülləşdirsin. Çünki hamını indiki məktəb sisteminin içində məktəbəqədər hazırlığa cəlb eləmək mümkün deyil.
Ziyafət müəllim haqlı olaraq dedi ki, o, birinci sinifdə onsuz da oxuyacaq, əlifbanı öyrənəcək. İndi biz təhsilə qədər vaxtda nəyi öyrətməliyik? Bu proqramların özü mürəkkəb bir məsələdir. Bu baxımdan, hesab edirəm ki, biz özəl sektoru paralel şəkildə inkişaf etdirməliyik. Özəl sektorun maksimum və minimumlarını da müəyyən etməliyik ki, sabah valideynləri çox böyük vəsaitlə yükləməsinlər və bizim övladlarımız yaxşı məktəbəqədər hazırlıq kursu keçə bilsinlər. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Sağ olun. Tahir Rzayev.
T.Rzayev. Çox sağ olun. Hörmətli Sədr, hörmətli həmkarlarım! Bu gün müzakirə etdiyimiz Məktəbəqədər təhsil haqqında qanun layihəsi aktuallığına, əhatə dairəsinə, cəmiyyətin maraqlarına görə çox dəyərlidir. Çünki qanun övladlarımızın təhsilinin təməl prinsiplərini, məktəbəqədər təlimin, tərbiyənin, təhsilin metodologiyasını, məqsədini, mahiyyətini və bu sahədə təhsil verənlərin, valideynlərin, uşaqların, dövlətin hüquq və vəzifələrini özündə əks etdirir.
Təhsil dövlət və xalq üçün strateji sahədir. Dövlətimizin rəhbərinin, Heydər Əliyev Fondunun bu sahəyə göstərdiyi qayğı və diqqət, son illərdə yüzlərlə yeni müasir tipli məktəb binalarının tikilib istifadəyə verilməsi, həyata keçirilən bir sıra mühüm tədbirlər bunu deməyə əsas verir. Təqdim olunan qanun layihəsi də məhz bu qayğı və diqqətdən qaynaqlanıb.
Biz yaxşı bilirik ki, məktəbəqədər təhsil bir bünövrədir. Bu mərhələni keçməyən uşaqların əksəriyyəti aşağı siniflərdə fənləri mənimsəməkdə çətinlik çəkirlər. Müzakirə etdiyimiz qanunda şərh olunan müddəaların, vəzifələrin yerinə yetirilməsi bilavasitə bu çətinliklərin aradan qaldırılmasına, erkən yaş dövrlərində uşaqların əqli, fiziki və yaradıcılıq potensialının, etik və estetik dünyagörüşünün formalaşmasına, mədəni səviyyəsinin inkişafına, onların sadə əmək vərdişlərinə yiyələnməsinə xidmət edir. Kiçik yaşda uşaqların milli-mənəvi və bəşəri dəyərlər, dövlətçilik və azərbaycançılıq ruhunda tərbiyələndirilməsi, onların gələcək fəaliyyəti üçün əsasdır, faydalıdır. Yaxşı haldır ki, bu normalar qanunda aydın göstərilib.
Qanunun təhsil dairəsi nəinki dövlət məktəbəqədər təhsil sistemini, eləcə də özəl və bələdiyyə məktəbəqədər təhsil müəssisələrini də tam əhatə etməlidir. Qarşıya qoyulan vəzifələr, verilən hüquqlar, normalar bütün subyektlərə şamil edilməlidir. Dövlət məktəbəqədər təhsil müəssisələrinin bir standartlarla, digərlərinin başqa normalarla işləməsinə yol vermək olmaz. Bunu ona görə deyirəm ki, qanunda dövlət məktəbəqədər təhsil müəssisələrinin vəzifələri tam şərh olunub, ancaq bələdiyyə və özəl məktəbəqədər müəssisələrinin vəzifələri, hüquqları tam açıqlanmayıb. Qanuna bələdiyyələrin, özəl təsisçilərin, ictimaiyyətin məktəbəqədər təhsil sahəsində hüquq və vəzifələri maddəsinin əlavə edilməsi, məncə, məqsədəuyğun olardı.
Hesab edirəm ki, dövlətdən fərqli olaraq özəl və bələdiyyə məktəbəqədər təhsil müəssisələrində idarəetmə orqanı, mülkiyyət münasibətləri, maliyyələşdirmə, əməkdaşlıq məsələləri, nizamnamə tələbləri ayrı-ayrı formalarda ola bilər. Ancaq təhsilin qarşısında qoyulan tələblər, məqsədlər, məfkurə bütün məktəbəqədər təhsil müəssisələri üçün eyni olmalıdır. Təhsillə bağlı məsələlərdə qeyri-peşəkarlığa, səriştəsizliyə, laqeydliyə yol vermək olmaz. İmkanı olan hər bir kəsin məktəb açıb onu istədiyi kimi, bazarın tələbi ilə idarə etməsi qorxulu haldır. Təhsil sahəsində vətəndaşlıq amalı, mənəvi kamillik, gələcəyimizə sağlam münasibət öndə olmalıdır.
Qanun layihəsi yaxşı hazırlanıb, birinci oxunuşun tələblərinə cavab verir. Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyliyə, komitənin hər bir üzvünə belə mükəmməl və vacib qanunun müzakirəyə çıxarılmasında sərf etdikləri əməyə görə öz minnətdarlığımı bildirirəm. Mən qanun layihəsinin lehinə səs verəcəyəm. Diqqətinizə görə çox sağ olun.

Azərbaycan  Respublikası  Milli  Məclisi  Sədrinin
birinci  müavini  Z.Əsgərov  sədrlik  edir

Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Təşəkkür edirəm, Ziyafət müəllim. Həqiqətən də, çox gözəl bir qanun hazırlanıb. Buna görə İsa müəllimə, o cümlədən komitə üzvlərinə dərin minnətdarlığımı bildirirəm.
Ziyafət müəllim, Siz, məktəbəqədər təhsilin anlayışı ilə bağlı məsələ qaldırdınız. 7.2-ci maddədə məktəbəqədər təhsilin gözəl anlayışı verilib, amma yaxşı olardı ki, Sizin qeyd etdiyiniz kimi, bu ya birinci maddəyə daxil edilsin, ya da preambula hissəsində verilsin. Yəni məktəbəqədər təhsil nədir? “Məktəbəqədər təhsil erkən yaş dövründən başlayaraq uşaqların əqli, fiziki və yaradıcı potensialının, mədəni səviyyəsinin inkişafının, psixoloji dayanıqlığının və sağlamlığının mühafizəsinin, ətraf aləmə həssas, şüurlu münasibətinin, estetik dünyagörüşünün və şəxsiyyətinin formalaşdırılması”.
Sədrlik edən. Mən çox üzr istəyirəm, buradaca cavab verim. 7-ci maddəyə baxmışam, orada söhbət təhsilin təşkilindən gedir. Mahiyyət və məqsəd, anlayış tamamilə başqa şeylərdir. Siz dediyiniz əlamətlər uşaq bağçasında da verilir, birinci sinifdə də. Onda məktəbəqədər təhsil müəssisəsinin bunlardan fərqi nə oldu? Bunu bilmək istəyirəm, Qüdrət müəllim. Müdaxilə etdiyimə görə üzr istəyirəm. Buyurun.
Q.Həsənquliyev. Düşünürəm ki, bu proses şəxsiyyətin formalaşdırılması üçün məktəb illərində də davam eləyir. Burada hörmətli Vahid müəllim bir məsələni qeyd elədi. Əlbəttə, Azərbaycanda dövlət dili Azərbaycan dilidir. Amma Ziyafət müəllim, Avropa dövlətlərində aparılan sorğuların nəticələri göstərir ki, əhalinin təqribən 34–35 faizi ikinci xarici dildə normal danışa bilirlər. Bu da onu görə baş verir ki, orta məktəb illərindən və məktəbəqədər təhsil dövründən uşaqlara artıq xarici dillər öyrədilməyə başlayır. Ona görə də düşünürəm ki, qanunun özündə xarici dillərin öyrədilməsi məsələsi öz əksini tapmalıdır ki, bizim uşaqlarımız xarici dillərdə danışa bilsinlər. Erkən yaşlarında başlamayanda sonradan xarici dilləri öyrənmək çətin olur.
Keçmiş Sovet İttifaqı dövründə sərhədlər qapalı idi, amma rayonlarda böyümüş mənim kimi insanlar Bakıya gələndə rus dilini bilmədiyimiz üçün xeyli əziyyət çəkirdik. Rus dilini də bilmədən dünya ədəbiyyatına, dünya elminə çıxış mümkünsüz idi. İndi eyni vəziyyət ingilis dili və Qərbi Avropanın bir çox inkişaf etmiş ölkələrinin dilləri ilə bağlıdır. Ona görə düşünürəm, bu məsələ qanunda öz əksini tapmalıdır.
İkinci böyük məsələ nədir? Burada o anlayışı ona görə oxudum ki, qanunda həm də uşaqların fiziki sağlamlığından söhbət gedir. Onun üçün də burada mütləq öz əksini tapmalıdır ki, idmana münasibət erkən yaşlarından öyrədilir.
Bundan başqa, bu sahə ilə bağlı nə qədər yaxşı cümlələr qursaq da, nə qədər pafosla danışsaq da, vəsait ayrılmasa, yeni məktəbəqədər müəssisələr tikilməsə, bu istiqamətdə vəziyyəti dəyişmək çox çətin olacaq. Azərbaycanda durum çox acınacaqlıdır. Yəni birinci sinfə gedən uşaqların yalnız 25–30 faizə qədəri məktəbəqədər müəssisələrində təhsil ala bilirlər. Onun üçün də düşünürəm ki, dövlət bu məqsəd üçün yerlərdə, xüsusilə Bakı şəhərində yerlər ayırmalı, müsabiqələr elan eləməlidir. Məktəbəqədər müəssisə tikən sahibkarlar vergidən müəyyən müddətə, yaxud tamamilə azad olunmalıdırlar. Bu məqsədlə onlara Sahibkarlığa Yardım Fondundan güzəştli kreditlər verilməlidir. Yəni vəziyyəti ciddi şəkildə dəyişmək üçün dövlətin bu istiqamətdə addımlar atmasına çox böyük ehtiyac var. Vergi güzəştləri nəzərdə tutulduğu təqdirdə, bilirsiniz ki, burada təhsil xərcləri də az olacaq və belə olan halda daha çox insanın öz uşağını yaxşı məktəbəqədər təhsil müəssisələrində oxutmaq imkanları olacaq.
Qanunda bununla bağlı məsələlər var. Misal üçün, məktəbəqədər təhsil sahəsinin inkişafına dəstək verən müəssisə və təşkilatların, sahibkarlıq subyektlərinin fəaliyyəti təbliğ edilir və sair. Amma təbliğatla iş düzəlməyəcək. Burada ciddi vergi güzəştləri olmalıdır. Elə 22-ci maddəyə bu əlavə edilə bilər. Eyni zamanda, Sahibkarlığa Yardım Fondundan güzəştli kreditlərin verilməsi burada öz əksini tapa bilər.
Bundan başqa, hazırda sahibkarlar evlər tikirlər. Mənzillər tikilən zaman sahibkarlar qarşısında məsələ qoyula bilər ki, əgər kompleks şəkildə evlər tikirlərsə, onun həm məktəbi, həm də məktəbəqədər müəssisələri olsun. Belə olacağı təqdirdə biz problemin həllinə nail ola biləcəyik. Əks təqdirdə, yenə deyirəm, qanunların qəbulu bu sahədəki vəziyyəti ciddi şəkildə dəyişmək imkanına malik olmayacaq. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Tahir Kərimli.
T.Kərimli. Təşəkkür edirəm. Hörmətli Ziyafət müəllim, hörmətli deputatlar! Mahiyyəti üzrə çıxışa başlamadan əvvəl nəzərinizə çatdırmaq istəyirəm ki, məhz bu gün – 1995-ci ilin 28 oktyabrında Bakıda tarixin ən böyük metro qəzası baş verib. 300 nəfər həlak olub, 400 nəfər adam yaralanıb.
Bu gün ekstremizmlə bağlı bir çox məsələlərə toxunduq. Bu hadisələr çox çətinliklə başa gələn sabitlik və təhlükəsizliyimizin nə qədər dəyərli olduğunu bir daha sübut edir. Hər hansı etirazlar zamanı tövsiyə edərdim ki, bizim sabitlik və təhlükəsizliyimizin nə qədər dəyərli olduğunu hər kəs anlasın və bu çərçivədə çıxış etsin. Ümid edirəm ki, hətta Konstitusiya qanunu çərçivəsində Azərbaycanda terrorizm və ekstremizmə qarşı mübarizə qanunu qəbul olunacaq. Bu bizdə hər hansı təxribat ehtimalından tutmuş Dağlıq Qarabağda antiterror əməliyyatları keçirmək üçün imkanlar yaradacaqdır. İndi isə mahiyyətim üzrə çıxış etmək istəyirəm.
Hörmətli Sədr, hörmətli deputatlar, doğrudan da, Azərbaycanda məktəbəqədər təhsilin səviyyəsi çox acınacaqlı vəziyyətdədir. Ona görə də mən bu qanunu alqışlayıram. Hamımız bunu gözləyirdik. Bircə onu demək istəyirəm ki, 2015-ci ildə dünya dövlətlərində ortalama təhsil sistemində məktəbəqədər təhsilin səviyyəsi 55 faiz olub. Bizimlə eyni təhsil sistemindən çıxan Rusiyada bu, 87 faizdir. Amma Azərbaycanda bu, 30 faiz civarındadır. Bu, məktəbəqədər təhsil sisteminin nə qədər vacib olduğunu bir daha sübut edir. Heç şübhə yoxdur ki, məktəbəqədər təhsil hazırlığı keçmiş uşağın təfəkkürü, idrakı, məntiqi, hesablama qabiliyyəti digərlərindən dəfələrlə üstün olur. Danışmağa bəlkə də ehtiyac yoxdur.
Ancaq mən fürsətdən istifadə edib, bir məsələni demək istəyirəm. Burada məktəbəqədər təhsilin fasiləsiz təhsil sisteminin ilk pilləsi olduğu qeyd olunur. Yəni biz, əslində, təhsilimiz haqqında düşünməliyik və bunu düşünürük. Bütün mütərəqqi millətlər artıq başa düşür ki, millətin gələcəyi təhsillə bağlıdır. Amma bu bizdə nə vəziyyətdədir? Bizdə yüzlərcə məktəb var ki, nəticələri sıfırdır. Dövlət büdcədən xeyli pul ayırır. Hətta repetitorlar olmasa, bu faiz daha da arta bilər. Ona görə mən təhsil barədə narahatçılığımı ifadə edirəm.
Ziyafət müəllim, doğrudan da, 7.4-cü maddədə qeyd olunur ki, məktəbəqədər təlim 1–6 yaşları əhatə edir. Ancaq məruzədə “təhsil” adı çəkildi. Doğrudur, təhsilin siyahısında qeyd olundu, Rusiya sistemindən, sovet sisteminə keçmişdir və biz də onun müsbət cəhətlərini götürürük. Ancaq mən hesab edirəm, bu qanunlarda o fərq özünü göstərir ki, bu daha yaxşı olmalıdır. Bu düzəldikdə biz gələcəkdə çoxlu iş yerləri də aça bilərik. Bunun üçün dövlətin qayğısı gərəkdir, çoxlu müəssisələr, qeyd olunduğu kimi binalar, iş yerləri lazımdır.
Gələcəkdə ola bilər, bunlar məktəblərin nəzdində olsunlar. Bunun üçün mən bir balaca araşdırma apardım. Məndə sənədlər var. Bayaq sıfır nəticədən danışdıq. 100 faiz nəticə əldə edən Bakı Avropa litseyi var. Mənim orada heç tanışım da yoxdur. Amma onun bu gün 1926-cı ildə tikilmiş bir binası var. Orada heç məktəbəqədər təhsili həyata keçirmək mümkün deyil. Mən kompüterdən çıxardım, onların 27 mükafatı var. Elə bir məktəbin qayğısına qalmaq lazımdır. Cənab Prezident 2008-ci ildə bu məktəbi “Azərbaycan Respublikasının məktəbi” elan edib. Bunlara qayğı lazımdır. 20 nömrəli məktəb ləğv olunub, yerində kompleks tikilib, dağıdılıb, heç olmasa, onu qabaqcıl, nümunəvi məktəblərə vermək olar. Mən istəyirəm ki, yaxşının qayğısını çəkək və qədrini bilək. Sağ olun.
Sədrlik edən. Aqiyə Naxçıvanlı.
A.Naxçıvanlı. Çox sağ olun, Ziyafət müəllim. Məktəbəqədər təhsil haqqında qanun layihəsi zamanın tələbi, sosial sifarişin nəticəsidir. Bilirsiniz ki, hazırda Azərbaycanda məktəbəqədər təhsil sahəsi Nazirlər Kabinetinin 2010-cu ildə təsdiqlədiyi “Məktəbəqədər təhsilin dövlət standartları və proqramı” və 2012-ci ildə təsdiqlədiyi “Məktəbəqədər təhsil müəssisəsinin nümunəvi Nizamnaməsi” adlı sənədlərlə tənzimlənir. O cümlədən “Təhsil haqqında” Qanunun II fəslinin 18-ci maddəsi bütünlüklə məktəbəqədər təhsilə həsr edilib. Lakin “Təhsil haqqında” Qanun çərçivə qanunu olduğundan və orada məktəbəqədər təhsillə bağlı yalnız ümumi müddəalar, məktəbəqədər təhsilin əsas məzmunu, yaş həddi, əhatə dairəsi və sair öz əksini tapıb. Ona görə də ayrıca belə bir qanuna ehtiyac vardır. Məhz bu baxımdan Elm və təhsil komitəsinə bu layihəni hazırladıqları üçün təşəkkürümü bildirirəm və eyni zamanda, bir neçə təklifimi səsləndirmək istəyirəm.
Qanun layihəsinin 11-ci və 20-ci maddələrində qeyd olunmalıdır ki, məktəbəqədər təhsil müəssisəsi özəlləşdirilərkən və ya təsis olunarkən təsisçi və yaxud təsisçilərdən biri ali pedaqoji ixtisas təhsilli və məktəbəqədər təhsil sahəsində 5 ildən artıq iş təcrübəsi olan şəxs olmalıdır. Düzdür, qanun layihəsinin 14-cü maddəsində bu tələb məktəbəqədər təhsil müəssisəsinin rəhbəri üçün nəzərdə tutulub. Ancaq hesab edirəm ki, bu tələblər təsisçi, yaxud təsisçilərdən biri üçün də nəzərdə tutulmalıdır. Əgər sahibkar məktəbəqədər təhsil müəssisəsini təsis edirsə, yaxud özəlləşdirirsə, deməli, onun əsas məqsədi gəlir əldə etmək olacaqdır. Ona görə də onun təyin etdiyi direktor da təsisçidən asılı olaraq onun diktəsi ilə işləyəcəkdir. Hətta nəzərə alsaq ki, sahibkarın biznes fəaliyyətinə görə təhsili, düşüncəsi və digər keyfiyyətləri də burada tələb olunur, onda biz bu məsələyə çox həssas yanaşmalıyıq.
Mən, ümumiyyətlə, məktəbəqədər təhsil müəssisələrinin özəlləşdirilməsinin əleyhinəyəm, çünki respublikamızda demək olar ki, bütün məktəbəqədər təhsil müəssisələri ölkə rəhbərimizin göstərişi əsasında inşa edilir. Necə ola bilər ki, həmin müəssisələr bir müddət keçdikdən sonra özəlləşdirilsin? Məsələn, Oğuzda 2006–2007-ci tədris ilində 120 yerlik ən müasir tipli bağça binası tikilmişdir. Bir müddət sonra o, özəlləşdirildi, indi isə tamamilə sökülmə vəziyyətindədir. Onu özəlləşdirən insan oranı təyinatına görə işlətməyib, baxmayaraq ki, Oğuzda bu cür 4–5 müəssisəyə ciddi ehtiyac var.
Qanunda məktəbəqədər təhsil müəssisəsinə təhsil verənlərin, tərbiyəçilərin, müəllimlərin, metodistlərin, psixoloqların və digərlərinin vahid geyim forması olması tələb olunur. Çünki əksər hallarda bu cür müəssisələrdə təhsil verənlər sərbəst, yaxud gündəlik geyimlərlə iş aparırlar. Metrodan, avtobusdan çıxıb, uşaqların yanına gəlirlər. Bu isə gigiyenik və bəzi hallarda etik qaydalara uyğun deyil. Fikirləşirəm ki, bu müəssisələrə işçilər qəbul edilərkən yalnız məktəbəqədər təhsil müəssisəni qurtarmaq haqqında diplomla kifayətlənilməməli, onlar ayrıca psixoloji testdən keçməlidirlər. Onlar uşaqlarla düzgün ünsiyyət qurmağı bacaran, uşaqları çox sevən insanlar olmalıdırlar.
Qanunda məktəbəqədər təhsil müəssisəsinin işçi personalından söhbət gedir. Mən düşünürəm ki, burada mütləq gender bərabərliyi təmin edilməlidir, çünki bildiyiniz kimi, bütün məktəbəqədər təhsil müəssisələrində kişilər ancaq mühafizə xidmətində, nadir hallarda isə təsərrüfat işlərində çalışırlar. Hesab edirəm ki, kişilərin məktəbəqədər təhsil müəssisələrinə mütəxəssis kimi cəlb olunması oğlan uşaqlarının inkişafında da müsbət rol oynaya bilər. Uşaq bağçalarında oğlanlar nə qədər kuklalarla oynamalıdırlar?
Nəhayət, təklif edirəm ki, özəl məktəbəqədər təhsil müəssisələrində təhsil haqlarının həddi müəyyən edilsin. Düşünürəm ki, müvafiq icra hakimiyyəti orqanları bu həddi müvafiq normativ aktlarla müəyyən edərkən həmin müəssisələrin yerləşdiyi coğrafi mövqedən tutmuş müəssisədə uşaqlara verilən qida keyfiyyətlərinə qədər olan xidmətləri nəzərə almalıdırlar. Ümumiyyətlə, təcrübə göstərir ki, bütün məktəbəqədər təhsil müəssisələrində demək olar ki, qida menyusu eynidir. Heç kim kabab vermir. Ancaq necə ola bilər ki, bir təhsil müəssisəsində təhsil haqqı 200 manat, o birində 450 manat, digərində isə az qala 2 min manatdır. Burada vahid bir qiymət olmalıdır ki, insanlar…
Sədrlik edən. Sağ olun. Hörmətli deputatlar, bir məsələ ilə bağlı sizinlə məsləhətləşməliyik. Vaxtımıza çox az qalıb. Etiraz etmirsinizsə, İsa müəllimə söz verək, burada xeyli yaxşı fikirlər səsləndi, onlara münasibət bildirsin. Ondan sonra da əgər etiraz etmirsinizsə, qanun layihəsini birinci oxunuşda səsə qoyaq.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Qalanlar da yazılı surətdə komitəyə öz təkliflərini verə bilərlər. Etiraz yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. İsa müəllim, xahiş edirəm, qısaca fikirlərinizi deyin. Buyurun.
İ.Həbibbəyli. Birinci, Sizin sualınıza cavab vermək istəyirəm. Soruşdunuz ki, məktəbəqədər təhsil nə deməkdir? Fikrimizcə, 7-ci maddə məktəbəqədər təhsilin mahiyyəti və məqsədinə həsr olunub, onu ehtiva edir. Belə fikirləşirik ki, 5 fəsildən və 24 maddədən ibarət olan bu qanun mahiyyət etibarı ilə bütövlükdə məktəbəqədər təhsil deməkdir. Amma Sizin sözünüzdə bir gerçəklik var ki, məktəbəqədər təhsil haqqında bu qədər geniş danışılırsa, o, “Əsas anlayışlar”a daxil edilməlidir. Elə bilirəm, qanunun mətni tələb edir ki, biz onu “Əsas anlayışlar”a daxil edək.
Mən Vahid Əhmədova və Aqiyə Naxçıvanlıya minnətdarlığımı bildirirəm. Onlar məktəbəqədər təhsil sahəsində özəlləşdirmənin qəti əleyhinə olduqlarını bildirdilər. Bayaq qeyd etdim, bizim də məqsədimiz ictimai fikri öyrənmək idi. Mən burada səslənən fikirlərə nəzərən deyirəm ki, biz ikinci oxunuşda özəlləşdirmə anlayışını qanun layihəsindən tamamilə çıxaracağıq və onu məktəbəqədər təhsil müəssisələrinin hüquqi və fiziki şəxslərə zəruri hallarda idarəçiliyə verilməsi ilə əvəz edəcəyik. Bu halda həm dövlət mülkiyyəti, həm də profil qorunub saxlanılır.
Tədris dili ilə bağlı suallar oldu. Biz bu fikirdəyik ki, ölkəmizdə dövlət dili Azərbaycan dilidirsə, təhsil müəssisələrinin hamısında, o cümlədən fasiləsiz təhsilin ilkin pilləsi olan məktəbəqədər təhsildə də Azərbaycan dili əsasdır, aparıcıdır, birincidir. Amma ölkəmizin çoxmillətli cəmiyyət olması və bəzi valideynlərin arzusu nəzərə alınmaqla məktəbəqədər təhsil müəssisələrində Azərbaycan dilinin prioritetliyi, aparıcılığı təmin olunmaqla digər dillər də öyrədilə bilər. Məncə, bu, Azərbaycan dilinin mövqelərini bağçada azaldılmasına yox, mövcud cəmiyyətin reallıqlarına, çağırışlarına tam cavab verməkdir.
Məktəbəqədər təhsil müəssisəsi və uşaq bağçası nədir? Məktəbəqədər təhsil müəssisəsi geniş anlayışdır, onun müxtəlif növləri vardır. Birinci, körpələr evidir – 1–3 yaşlı uşaqları əhatə edir. İkinci, uşaq bağçalarıdır – 3–4 yaşlı uşaqları əhatə edir. Dördüncü, məktəbəqədər hazırlıq müəssisələridir – 5–6 yaşlı uşaqları əhatə edir. Daha sonra, fiziki cəhətdən qüsuru olanlar üçün xüsusi uşaq bağçaları və sanatoriya tipli uşaq müəssisələri də vardır. Mən demək istəyirəm ki, uşaq bağçaları məktəbəqədər təhsil müəssisələrinin növlərindən biridir, tərkib hissəsidir. Hamısı demək deyildir. Bizdə bəzən “uşaq bağçası” ilə “məktəbəqədər təhsil müəssisəsi” sinonim kimi işlədilir. Burada uyğunluq da var, amma qanunda onun incəliyi, fərqi göstərilib. Uşaq bağçası məktəbəqədər təhsil müəssisəsinin tərkib hissəsidir, növlərindən biridir və müəyyən yaş qruplarını – 3–4 yaşı əhatə edir.
Məktəbəqədər hazırlıq lazımdırmı? Bağçada da, məktəbəqədər təhsil müəssisəsində də əlifba, yazı öyrədilir. Bu, 1-ci sinifdə də öyrədilir. Dünya təcrübəsi göstərir ki, lazımdır. Öyrəndiyimiz dünya ölkələri içərisində məktəbəqədər hazırlıq qruplarının ən çox inkişaf etdiyi ölkə Finlandiyadır. Finlandiyada məktəbəqədər yaşlı uşaqların 60 faizi ən müxtəlif yaşlardan – 1 yaşdan 6 yaşa qədər məktəbəqədər təhsil müəssisəsinə cəlb olunur. Onların da 98 faizi məktəbəqədər hazırlıq qruplarında təlim keçir. 2 il bundan qabaq Finlandiya hökuməti məktəbəqədər hazırlığın icbari, məcburi olması haqqında qərar qəbul etdi. Belə faktlar digər ölkələrdə də var. Bizim Nazirlər Kabineti də məktəbəqədər təhsilin zəruriliyi haqqında müvafiq sərəncam imzalayıb.
Dünya təcrübəsi göstərir ki, 1-ci sinifdə məktəbəqədər hazırlıq keçənlərlə keçməyənlər arasında kəskin fərq vardır. Ona görə də inkişaf etmiş ölkələrin təcrübəsi məktəbəqədər hazırlıq mərhələsini keçməyi zəruri hesab edir. Bu mənada ölkəmizdə keçən il pilot layihə kimi cəmi 87 məktəbdə məktəbəqədər hazırlıq qrupları fəaliyyət göstərirdisə, bu il ölkənin bütün məktəblərində məktəbəqədər hazırlıq kursları təşkil olunmuşdur. Bu, ölkəmizdə aparılan təhsil siyasətinin daha yüksək səviyyədə həyata keçməsinə təminat verən amillərdən biridir.
Burada çoxlu təkliflər irəli sürüldü, ona görə hamıya dərin minnətdarlığımı bildirirəm. Amma biz xarici ölkə vətəndaşlarının uşaqların ilkin tərbiyəsini təşkil edəcək təhsil müəssisələrinin təsisçisi olmasında fayda görmürük. Xarici sərmayədarların, yerli sahibkarların məktəbəqədər təhsil müəssisələrinə yardım, kömək etməsi istisna olunmur. Çünki maliyyələşməyə aid olan maddələrdə yazılıb ki, məktəbəqədər təhsil müəssisələri dövlət büdcəsi ilə yanaşı, cəlb olunmuş investisiyalar hesabına da maliyyələşə bilərlər. Bunun həm ölkə daxilindən, həm də xaricdən olması mümkündür. Amma onların təsisçilərinin xarici ölkə vətəndaşı olmasına, məncə, xüsusi ehtiyac yoxdur.
Məktəbəqədər təhsilin dövlət standartı var. Yəni o, nələri öyrədə bilər. Amma bəzən uşaqların maraqları və valideynlərin arzusu dövlət standartından əlavə bəzi kursların, dərnəklərin fəaliyyətini zəruri edir. Belə hallarda bağça sahibkarlıq subyekti kimi həmin dərnəkləri, kursları, ekskursiyaları, səfərləri, sərgiləri, müsabiqələri, yarışları təşkil edə bilər. Burada müəyyən qədər gəlir əldə edə və bağçanın müəlliminə mükafat da verə bilər. Məncə, bu, günümüzün, inkişaf etmiş Azərbaycan cəmiyyətinin reallığıdır. Sahibkarlıq elementləri geniş mənada olmasa da, bağçada, məktəbəqədər təhsil müəssisəsində həm uşaqların hərtərəfli inkişafına, həm də bu müəssisələrin inkişafına xidmət edə bilər.
Vahid geyimlə bağlı düşünmək lazımdır. Məncə, maraqlı ideyadır. Gender bərabərliyi son dərəcə mühüm təklifdir və yalnız bağçaya yox, məktəblərin hamısına aiddir.
Qiymətləndirmə üçün onu deyə bilərəm ki, biz ilkin forma düşünmüşdük. Dünya təcrübəsində çox müxtəlif meyarlar var. Hələlik biz ümumi şəkildə belə yazdıq ki, əmək bazarının tələbatına uyğun olaraq tələb-təklif əsasında müəyyən olunur. Vahid qiymət göstərməkdən çəkindik. Məncə, əmək bazarı özü bunu tənzimləyəcəkdir. Mən çıxış eləyən deputat həmkarlarıma dərin minnətdarlığımı bildirirəm. Bunlar qanun layihəsinin sonrakı mərhələdə hazırlanmasında bizə kömək olacaqdır. Sağ olun.
Sədrlik edən. Sağ olun, İsa müəllim. Valeh müəllim, buyurun.
V.Ələsgərov. İsa müəllim, çox qısa bir təklifim var. Sahibkarlıq fəaliyyəti ilə əlaqədar dedikləriniz çox gözəldir, ancaq mətndə belə bir şey yoxdur. Mətndə göstərilməyib ki, bu sahibkarlıq fəaliyyəti məktəbəqədər təhsil müəssisəsinin profili üzrə aparıla bilər. Geniş şəkildə verildiyinə görə sabah bunun yanında kababxana da açmaq olar, başqa işlər də görmək olar. Ona görə məsləhət görürəm, sahibkarlıq fəaliyyətini bir anlayış şəklində verib, göstərmək lazımdır ki, bu sahibkarlıq fəaliyyəti ancaq məktəbəqədər təhsil müəssisənin profili üzrə aparıla bilər. Belə yazılsa, düzgün olar, anlaşılan olar.
Bir də, bayaq Siz də, Elmira xanım da xarici sərmayələrlə bağlı danışdınız. Xarici sərmayə yardım, kömək deyil. Sərmayə qoyan yəqin ki, orada idarəetmə hüququna da malik olmaq istəyəcəkdir. Çünki idarəetmə, nəzarətetmə hüququna malik olmursa, inanmıram ki, kimsə bura sərmayə qoysun. Bu məsələyə də aydınlıq gətirmək lazımdır. Bu xarici sərmayəni qoyanlar hansı şəkildə bunu eləyə bilirlər və ondan öncəki məsələ ilə ziddiyyət necə həll olunur? Xahiş edirəm, bu iki prinsipial məsələyə diqqət yetirəsiniz. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, Valeh müəllim, təşəkkür edirəm. Xahiş edirəm, qanun layihəsinə birinci oxunuşda münasibət bildirək.

Səsvermənin nəticələri (saat 18.15 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 97
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Bununla da iclasımız sona çatdı.
 
EDİLMƏMİŞ ÇIXIŞIN MƏTNİ

28 oktyabr 2016-cı il

Elşad Həsənov. Hörmətli Sədr, hörmətli həmkarlar!
Fuad müəllim qanun layihəsi barədə bizə ətraflı məlumat verdi. Mən də indiki şəraitdə bu qanun layihəsinin zəruri və aktual olduğunu düşünürəm.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən idmana göstərilən dəstək hər zaman öz nəticəsini verib. İdmançılarımızın nailiyyətləri ildən-ilə artır. Məsələn, belə bir faktı qeyd etmək olar ki, bir neçə il əvvəl idmançılarımız beynəlxalq yarışlarda il ərzində onlarca medal qazanırdılarsa, keçən il bu göstərici 823-ə çatdı. Onlardan 321-i qızıl, 222-si gümüş, 280-i isə bürüncdür. Hesab edirəm ki, bu, gözəl bir nəticədir. Son olumpiyada da biz 18 medal qazandıq. Bu, islam ölkələri arasında birinci, MDB-də isə ikinci yerdir. Bu nəticələr göstərir ki, Azərbaycan artıq dünyada idman ölkəsi kimi tanınır və beynəlxalq aləmin diqqət mərkəzindədir. Olimpiada və digər nüfuzlu beynəlxalq idman yarışlarında rəqabət isə kifayət qədər güclüdür. Belə bir şəraitdə idman yarışlarında ədalət və şəffaflıq prinsipinin təmin edilməsi mühüm əhəmiyyət kəsb edir.
Son zamanlar Azərbaycanda bir sıra nüfuzlu beynəlxalq yarışlar keçirilir: Birinci Avropa oyunları, Formula 1, Şahmat olimpiadası və sair. Gələn il isə ölkəmizdə İslam Həmrəyliyi oyunları keçiriləcəkdir. Bütün bunları nəzərə alaraq demək olar ki, Azərbaycanın beynəlxalq idman aləmində nüfuzu artır. Məhz buna görə də bu qanun layihəsinin indiki şəraitdə qəbul edilməsi aktualdır.
Bu gün müzakirə etdiyimiz qanun layihəsi digər bir məqama görə də əhəmiyyət daşıyır. Belə ki, son Rio olimpiadasında bəzi ölkələrin idmançılarına dopinq istifadəsi ittihamı ilə sanksiyalar tətbiq edildi. Bir çox idmançılar olimpiadadan kənarlaşdırıldı. Belə qalmaqal isə həmin dövlətlərin nüfuzuna xələl gətirdi.
Bu qanun layihəsi ona görə mühümdür ki, dopinq nəzarətini sərtləşdirir, idman yarışlarının ədalətli keçirilməsini təmin edir. Qanun layihəsi dopinqlə mübarizə sahəsində dövlət siyasətinin prinsiplərini, idarəetməni, idman subyektlərinin hüquq və vəzifələrini, dopinq nəzarətinin qaydalarını və müvafiq məsuliyyəti nəzərdə tutur.
Hesab edirəm ki, bu işdə yeni yaradılan Milli Antidopinq Agentliyinin (MADA) üzərinə böyük məsuliyyət düşür. Milli Antidopinq Agentliyinin səlahiyyətlərinə idmançılarda dopinqin aşkar edilməsi, tibbi müayinələrin aparılması, testlərin tətbiq edilməsi, idmançıların şikayətləri daxildir.
Qanun layihəsi hazırlanarkən beynəlxalq təcrübədən istifadə edilib. Bu sahədə ən mötəbər beynəlxalq qurum olan WADA-nın da (Dünya Antidopinq Agentliyi) tövsiyyələri nəzərə alınıb. MADA bu sahədə ən mötəbər beynəlxalq qurum olan WADA ilə sıx əməkdaşlıq edəcək.
Beləliklə, idmanda dopinqə qarşı effektli mübarizə üçün münbit zəmin yaranmış olacaq. Düşünürəm ki, idmanda hər şey şəffaf və ədalətli olmalı, yarışlarda saxtakarlığa yol verilməməlidir. Bu, idmanın əsas prinsiplərindən biridir və biz buna tam sadiqik.
Bütün bunları nəzərə alaraq mən bu qanun layihəsinin birinci oxunuşda qəbul edilməsini dəstəkləyirəm və deputat həmkarlarımı ona səs verməyə dəvət edirəm. Diqqətinizə görə təşəkkür edirəm.

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi