2014-ci il 27 iyun tarixli iclasın stenoqramı

DÖRDÜNCÜ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
NÖVBƏDƏNKƏNAR
XII SESSİYASI İCLASININ

PROTOKOLU № 92

Milli Məclisin iclas salonu.
27 iyun 2014-cü il.

İclasa Azərbaycan Respublikası Milli Məclisinin Sədri O.Əsədov  sədrlik etmişdir.

İclasda Milli Məclisin 105 deputatı iştirak etmişdir.

Qeydiyyat (saat 12.06 dəq.)
İştirak edir 101
Yetərsay 83

İclasa dəvət olunmuşlar:

Rauf Hacıyev, Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini.
Teymur Şəkərəliyev, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri.
Mehman Axundov, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Elmi Tədqiqat  Balıqçılıq  Təsərrüfatı  İnstitutunun  direktoru.
Samir İsayev, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycanda balıqçılıq  qanunvericiliyinin  təkmilləşdirilməsi  layihəsi  üzrə  milli  ekspert.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya Qanunu (ikinci səsvermə).
2. Azərbaycan Respublikasının Əlcəzair Xalq Demok-ratik Respublikasında (Əlcəzair şəhərində) Səfirliyinin təsis edilməsi haqqında Azərbaycan Respublikası qanu-nunun layihəsi barədə.
3. “Azərbaycan Respublikası Hökuməti və Fransa Res-publikası Hökuməti arasında Bakı Fransız Liseyinin yaradılması və fəaliyyəti haqqında” Sazişin təsdiq edil-məsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
4. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
5. Xaçmaz rayonunun Niyazoba kəndinin Niyazabad kəndi adlandırılması haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
6. “Balıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Aşağıdakı məsələlər müzakirə edilmişdir:

Gündəlik haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Fəzail Ağamalı, İqbal Ağazadə, Qənirə Paşayeva, Xanhüseyn  Kazımlı, Bəxtiyar Əliyev, Asim Mollazadə, Sabir Rüstəmxanlı, Aydın Mir-zəzadə, Siyavuş Novruzov, Fəzail İbrahimli

Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.06 dəq.)
Lehinə 94
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 96
Nəticə: Qəbul edildi

1. “Azərbaycan Respublikasının İnsan hüquqları üz-rə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya Qanunu (ikinci səsvermə).

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.38 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 103
Nəticə: Qəbul edildi

2. Azərbaycan Respublikasının Əlcəzair Xalq Demokratik Respublikasında (Əlcəzair şəhərində) Səfirliyinin təsis edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Azər Kərimli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.40 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100

Nəticə: Qəbul edildi

3. “Azərbaycan Respublikası Hökuməti və Fransa Respublikası Hökuməti arasında Bakı Fransız Liseyinin yaradılması və fəaliyyəti haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Azər Kərimli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.43 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

4. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.45 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

5. “Balıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Eldar İbrahimov, Qüdrət Həsənquliyev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.54 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 2
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

 


Azərbaycan Respublikası
Milli Məclisinin Sədri 
O.ƏSƏDOV

 

 

MİLLİ MƏCLİSİN İCLASI

27 iyun  2014-cü il. Saat 12.

Azərbaycan Respublikası  Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçək.

Qeydiyyat (saat 12.06 dəq.)
İştirak edir 101
Yetərsay 83

Yetərsay var, iclasa başlaya bilərik.
Xahiş edirəm, iclasın gündəliyinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.06 dəq.)
Lehinə  94
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 1
İştirak edir  96
Nəticə: Qəbul edildi

Çox sağ olun, gündəlik təsdiq edildi. Müzakirələrə eh-tiyac var?
Yerdən. (Eşidilmir.) 
Sədrlik edən.  İştirak eləmək istəyənlər yazılsınlar.
Hörmətli millət vəkilləri, müzakirələrə başlamazdan əvvəl mən bir fikrimi sizə çatdırmaq istərdim. Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iyunun 24-də Avropa Şurası Parlament Assambleyasının sessiyasında çıxış etmişdir. Cənab Prezident özünün dərin məzmunlu çıxışı ilə ölkədə həyata keçirilən islahatlar, qarşıda dayanan problemlər, o cümlədən Ermənistan– Azərbaycan, Dağlıq Qarabağ problemi haqqında çox dəyərli fikirlər söyləmişdir. Həm çıxışında, həm də çıxışından sonra suallara cavab verdiyi zaman möhtərəm Prezidentimiz Azərbaycanı Avropaya layiqincə təqdim etmişdir. Azərbaycanın beynəlxalq birliyin bərabərhüquqlu üzvü olduğunu, beynəlxalq təşkilatlar qarşısında alnıaçıq olduğunu nümayiş etdirmiş və bir daha sübut etmişdir ki, Azərbaycan öz müstəqil siyasətini aparan bir ölkədir.
Cənab İlham Əliyevin bu çıxışı bir daha sübut etdi ki, Azərbaycan xalqı haqlı olaraq öz Prezidenti ilə fəxr eləyir. İcazə verin, bu gözəl təqdimata görə hamımız adından cənab Prezidentə təşəkkür edək. (Alqışlar.) Fəzail Ağamalı.
F.Ağamalı. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Oqtay müəllim, mən Sizin fikirlərinizə tamamilə qoşuluram. Elə bu məqsəd üçün yazıldım ki, bəzi fikirlərimi ifadə edim.
Bütün Azərbaycan xalqı kimi mən də cənab Prezidentin Avropa Şurasındakı çıxışını və Avropa Şurası deputatlarının suallarına verdiyi cavabları diqqətlə izlədim. Mən, həqiqətən, ölkə Prezidentinin yüksək intellektinə, vətənpərvərliyinə, böyük siyasi təfəkkürünə heyran oldum və bir Azərbaycan vətəndaşı olaraq onunla fəxr etdim. Çünki Azərbaycan həqiqətlərini böyük bir tribunadan konkret faktlar və arqumentlərlə Avropa Şurasına çatdıran ölkə Prezidenti Azərbaycanın Dağlıq Qarabağ problemini də çox kəskin, açıq şəkildə önə çəkdi, ATƏT-in Minsk qrupuna münasibətini ifadə etdi.
Cənab Prezident Avropa Şurası ilə Azərbaycan arasın-dakı münasibətlər üzərində də dayandı və suallara cavab verərkən çox qətiyyətli şəkildə, arqumentlərlə, çox təmkinli şəkildə fikirlərini ifadə etdi. Azərbaycana atılan böhtanların, iftiraların qarşısında biz cənab Prezidentin timsalında Azərbaycan xalqının iradəsini gördük.
Bir sözlə, mən ölkə Prezidentinə bir millət vəkili, Azərbaycan vətəndaşı olaraq öz təşəkkürümü bildirir və çox səmimi şəkildə deyirəm ki, belə bir Prezidentlə fəxr etməyə dəyər. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. İqbal Ağazadə.
İ.Ağazadə. Təşəkkür edirəm, cənab Sədr. Mən gündəlikdə duran bir məsələ barədə danışmaq istəyirəm. Mən gündəliyin 5-ci məsələsinin –Xaçmaz rayonunun Niyazoba kəndinin Niyazabad kəndi adlandırılması haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə məsələnin  gündəlikdən çıxarılmasını təklif edirəm. Niyazoba təmiz türk adı ola-ola niyə biz ona “abad” sözü, fars kökənli bir şəkilçi əlavə edib, kəndin adını dəyişməliyik? Bir dəfə belə bir presedent olub burada. Çox sağ olun, o zaman Siz müsbət mövqe nümayiş etdirdiniz və o, gündəlikdən çıxarıldı. Çox xahiş edirəm, indi də bunun gündəlikdən çıxarılması üçün göstəriş verəsiniz. Bu heç müzakirəyə çıxarılmasın. Təşəkkür edirəm.
Sədrlik edən. Bu məsələni biz dünən gündəlikdən çıxardıq. Ona bir də baxılacaq. Bilmirəm, bu necə gəldi sizə düşdü. O haqda sonra söhbət edərik. Bugünkü gün-dəlikdə bu məsələ yoxdur. Qənirə Paşayeva.
Q.Paşayeva. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də öz çıxışımda cənab Prezidentin Strasburqda Av-ropa Şurası Parlament Assambleyasındakı çıxışına toxun-maq istəyirəm. Biz o çıxışın şahidləri olaraq Assam-bleyada  iştirak edirdik. Prezidentimiz Azərbaycanın mövqeyini Assambleyanın üzvlərinə və Avropa Şurası məkanındakı bütün ölkələrə aydın şəkildə çatdırdı.
Cənab Prezidentin yüksək səviyyəli çıxışında diqqəti çəkən məqamlardan biri artıq heç kəsin Azərbaycanla təzyiq və təhdid dilində danışa bilməyəcəyi mesajının verilməsi idi. Cənab Prezident birmənalı şəkildə vurğuladı ki, Avropa Şurası məkanındakı standartlar vahid standartlar olmalıdır və Azərbaycan artıq ikili standartları qəbul etməyəcək.
Cənab Prezidentin Azərbaycanın Avropa Şurası Nazir-lər Komitəsinə sədrliyi dövründə görəcəyi işlərlə bağlı açıqlamaları da çox böyük diqqətlə dinlənildi. Çünki məhz Azərbaycan Prezidenti tərəfindən Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinin sədri vəzifəsində prioritetlərinin açıqlanması hamı üçün maraqlı idi.
Bəzi qüvvələr Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə yüksək səviyyədə sədrliyindən çox narahatdırlar və müxtəlif yollarla bu sədrliyə hansısa bir kölgə salmaq, Azərbaycanın imicini zəiflətmək, aşağı salmaq istəyirlər. Amma cənab Prezident o qüvvələri təmsil edən deputatların suallarına cavabında da bütün məsələlərə birmənalı şəkildə aydınlıq gətirdi. O, ikili standartlarla bağlı qəti mövqeyini bildirərək dedi ki, bizim sədr kimi fəaliyyətimizdə ən önəmli məsələ elə bu ikili standartlara qarşı mübarizə olacaq.
Cənab Prezidentin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövzuya toxunaraq Azərbaycanın bir qarış torpağının da hansısa bir müzakirə mövzusu olmayacağını, münaqişənin ancaq ərazi bütövlüyü çərçivəsində həll olunacağını və bundan başqa bir variantın heç zaman qəbul olunmayacağını vurğulaması da onun açıq şəkildə verdiyi mesajlar idi. Ermənistan bu münaqişənin elə bu vəziyyətdə qalmasını nə qədər çox istəsə də, biz buna imkan verməyəcəyik mesajının arxasındakı məqamları Ermənistan qədər bütün Avropa məkanı da, məncə, yaxşı anladı.
Prezidentimizin bu çıxışı Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyimiz kimi vacib məqamda ölkəmizin maraqları baxımından çox əhəmiyyətli və uğurlu bir çıxış idi. Ona görə mən də burada cənab Prezidenti hamımız adından bir daha təbrik edirəm.
Sədrlik edən. Sağ olun. Xanhüseyn Kazımlı.
X.Kazımlı. Təşəkkür edirəm, cənab Sədr. Əlbəttə, Strasburqda Avropa Şurasının sessiyasında Azərbaycan Prezidentinin çıxışı və suallara cavabları Azərbaycan xalqının öz Prezidentinə olan hörmətini, məhəbbətini, inamını daha da artırır. Qeyd edək ki, bu uğur xalqımızla cənab Prezidentimiz arasında vəhdətin olmasını ifadə edir, Prezidentimizin ətrafındakı komandanın, xüsusilə başda Siz olmaqla Milli Məclisin rəhbərliyinin – Ziyafət müəllimin, Bahar xanımın, Valeh müəllimin, ölkəmizin Nazirlər Kabinetinin və digər nazirliklərin bu işdə səfərbər olmasını və hamının bu müqəddəs məqsəd üçün var gücü ilə çalışmasını təcəssüm etdirir. Əlbəttə, bu çox sevindiricidir.
Xatırlayıram ki, cənab Sədr, bizim nümayəndə heyəti İslam Əməkdaşlığı Təşkilatının tədbirində olarkən orada İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə Sizin görüşünüzdən sonra bizə münasibət tamamilə dəyişildi və bu da dediklərimi sübut edir. Eyni zamanda, dəfələrlə Siz və müavinləriniz demisiniz ki, Ermənistanın işğalçılıq siyasəti Azərbaycanın iqtisadiyyatına olduqca mənfi təsir göstərir, itki və tələfata səbəb olur. Əlbəttə, bütün bunlar bizim tərəfimizdən, yəni Milli Məclis tərəfindən görülən işlərdir.
Mən arzu edərdim ki, xalqımızla Prezidentimiz arasındakı vəhdət həmişə belə qırılmaz, möhkəm olsun. Dünyanın hər yerində hiss eləsinlər ki, Azərbaycan Prezidentinin arxasında Azərbaycan xalqı durubdur və ölkədə xalq-hakimiyyət birliyi var. Bu vəhdəti allah-taala bizə çox görməsin. Mən cənab Prezidentə təşəkkür edirəm. O, xalqının, hər bir vətəndaşının, hər bir əsgərinin qayğısına qalır. Bu da...
Sədrlik edən. Sağ olun. Bəxtiyar Əliyev.
B.Əliyev. Təşəkkür edirəm. Cənab Sədr, Siz burada çox mühüm, vacib bir məsələyə toxundunuz. Mən də, açığı, bu gün Milli Məclisin bu iclasında bu və ya digər məsələlərə öz münasibətimi və bütövlükdə seçicilərimin münasibətini bildirmək istəyirdim. Bu gün bu faktdır ki, Azərbaycan dünyanın çox sürətlə inkişaf etməkdə olan ölkələrindən birinə çevrilib. Azərbaycanda aparılan hüquqi, iqtisadi islahatlar öz bəhrəsini verir, Azərbaycanda artıq vətəndaş cəmiyyəti oturuşub. Azərbaycan hüquqi-demokratik bir cəmiyyət kimi dünyada ciddi faktorlardan birinə çevrilib. Bu gün Azərbaycan təkcə bölgədə deyil, Avropada enerji təhlükəsizliyi, sülhün və sabitliyin qorunması üçün bir qarant kimi çıxış edir.
Azərbaycanın apardığı işlərə problem, əngəl yaradan yalnız bir məsələ var, o da Azərbaycan ərazilərinin Ermə-nistan tərəfindən işğal edilməsidir. Beynəlxalq təşkilat-ların, o cümlədən BMT-nin Təhlükəsizlik Şurasının, AŞPA-nın qətnamələri mövcuddur ki, Azərbaycan əra-ziləri Ermənistan   tərəfindən   işğal  edilib,   bu   ərazilər  separatçıların  nəzarəti  altındadır. Lakin təəssüflər olsun ki, bu günə qədər bununla bağlı heç bir tədbir görülmür.
Azərbaycan bölgədə və dünyada baş verən hadisələrə öz ciddi mövqeyini bildirir. O hətta Ukraynada baş verən hadisələrlə əlaqədar olaraq BMT-də sərhədlərin pozul-maması və ölkələrin ərazi bütövlüyü və suverenliyi prinsipinə dəstək olduğunu nümayiş etdirdi. Bu məsələ qiymətləndirildi.  Amma çox təəssüflər olsun ki, bu gün Azərbaycan ciddi bir tərəfdaşa çevrildiyi, sülhün, sabitliyin və təhlükəsizliyin qarantı kimi çıxış etdiyi bir halda yenə də ona qarşı ikili standartlar işə salınır.
AŞPA-da öz öhdəliklərini yerinə yetirən bir ölkənin əraziləri AŞPA üzvü olan digər ölkə tərəfindən işğal edilib, minlərlə insan qətlə yetirilib, Ermənistan tərəfindən azərbaycanlılara qarşı soyqırımı həyata keçirilib. Bu məsələni müzakirə etmək və təcavüzkara yerini göstərmək əvəzinə Azərbaycana qarşı balanslaşdırılmış bir siyasət aparılır ki, Azərbaycan da  təcavüzkarla bərabər bir səviyyəyə endirilsin. Amma mən düşünmürəm ki, bunun bir nəticəsi olacaq.
Azərbaycan Prezidentinin səsləndirdiyi fikirlər Azərbaycan xalqının fikir və iradəsidir. Bu gün bizim seçicilərimizin, işğal altında olan rayonlardan olan seçicilərin bir tələbi var – dünya ictimaiyyəti bunu qəbul etməli və öz köməyini Azərbaycandan əsirgəməməlidir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Asim Mollazadə.
A.Mollazadə. Çox sağ olun, hörmətli cənab Sədr. Hörmətli millət vəkilləri! Cənab Sədrin qaldırdığı məsələyə öz mövqeyimi ifadə etmək istərdim. Mən Avropa Şurası Parlament Assambleyasının üzvü olan bir sıra siyasi partiyaların nümayəndələri ilə əlaqə saxladım. Onlar Azərbaycan Prezidentinin çıxışını sürətlə inkişaf edən ölkənin güclü liderinin çıxışı kimi qiymətləndiriblər. Mənə elə gəlir ki, bu, Azərbaycanın artan nüfuzunun, güclənən müstəqilliyinin təzahürüdür.
Təbii ki, Azərbaycan parlamenti də Prezidentin apardığı siyasətə dəstək verməlidir. Onun üçün mən çıxışımda ilk növbədə hamınızın diqqətini “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına cəlb eləmək istəyirəm. Azərbaycan parlamentinin xalqımız qarşısında bununla bağlı böyük bir borcu var. Orta təhsil, peşə təhsili, ali təhsil, elm haqqında qanunlar hələ müzakirəyə çıxarılmır. Biz indi növbədənkənar sessiyadayıq. Amma dəfələrlə iş planımıza salınan bu qanunlar yenə də müzakirə edilmir. Bu isə çox ciddi problemlər yaradır.
Mən bir neçə gənc Azərbaycan alimi ilə görüşüb söhbət etmişəm. Azərbaycanda paradoksal bir vəziyyət yaranıb. Sorbonna Universitetində doktorluq dissertasiyasını ən yüksək səviyyədə müdafiə eləyən gənc Azərbaycan alimləri Azərbaycanda bu diplomun təsdiqinə nail ola bilmirlər. Bu cür vəziyyət Oksford Universitetinin məzunları ilə də bağlıdır. Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının məqsədi elm və təhsil sahəsində gənc nəslin yüksək səviyyədə inkişafına dəstək verməkdir. Amma çox təəssüf ki, Azərbaycan qanunvericiliyində zəruri qanunlar qəbul edilmədiyinə görə biz bu istiqamətdə ciddi nailiyyətlər əldə edə bilməmişik.
Mənə elə gəlir ki, parlament bir məsələyə də müdaxilə eləməlidir. “Tibbi sığorta haqqında” Qanunun icrası yoxdur. Bu, Azərbaycanın tibb sisteminə çox böyük xələl gətirir. Mən statistikaya baxdım. Ötən il 2 milyon yarım Azərbaycan vətəndaşı sağlamlıqla bağlı problemlərinin həlli üçün İrana səfər edib. Yəni uğurla inkişaf eləyən Azərbaycan bu istiqamətdə hətta qəbul edilən qanunların icrasına nail ola bilməsə, biz Azərbaycan xalqının sağlamlığını təmin edə bilməyəcəyik. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Sabir Rüstəmxanlı.
S.Rüstəmxanlı. Hörmətli millət vəkilləri! Hörmətli Sədrimiz Oqtay müəllim Avropa Şurasında Azərbaycan Prezidentinin çıxışı ilə bağlı, məncə, bütün Məclisin fikrini ifadə elədi. Ona görə o məsələ barədə əlavə söz deməyə ehtiyac duymuram.
Mən başqa bir məsələyə diqqət yönəltmək istəyirəm. Əslində, bizə qarşı ikili standartlar, dünya ölkələrinin Azərbaycan xalqına olan anlaşılmaz münasibəti bu gün təkcə Azərbaycan Respublikası  coğrafiyasında yox, ondan kənarda da özünü göstərir. Bizim xalqımız bir sıra yerlərdə çox ağır faciələrlə üz-üzədir. Qərbi Azərbaycanı –Ermənistanı itirmişik, Qarabağ müharibəsi qurtarmayıb. Qarabağ işğal altındadır.
Amma eyni zamanda, Azərbaycan xalqının bir parçası olan və bu gün Quzey İraqda yaşayan, sayı 3 milyondan artıq olan İraq Kərkük türkman xalqı son dərəcə ağır bir faciə ilə üz-üzədir. Soyqırımı gedir, başqa ad axtarmaq lazım deyil. Bu gün Kərkük türkmanları məcbur olub öz həyatlarını qorumaq üçün oradakı kürd kəndlərinə sığınmalı olublar. Beləliklə, onların taleyi Bərzaninin və bir sıra terrorçu qurumların öhdəsinə buraxılıb.
Belə bir vəziyyətdə, məncə, Azərbaycan türkləri susa bilməzlər. Bu xalq bizim parçamızdır. Füzulini yetirən, bir çox Azərbaycan böyüklərini yetirən, Güney Azərbaycanın uzantısı və tarixən bizim torpağımızın bir parçası olan bir yerdir. Orada yaşayanlar da bizimdir. Biz Qarabağa sahib  çıxdığımız kimi oraya da sahib çıxmalıyıq. Güney Azərbaycanda yaşayanlar da bizim millətimizin bir parçasıdır və Azərbaycan Prezidenti haqlı olaraq özünü 50 milyonluq bir xalqın Prezidenti sayır.
Ona görə də mən hesab edirəm, Milli Məclis bu gün Kərkükdə  tökülən qanlara öz münasibətini hansı şəkildəsə bildirməlidir. Rəsmi sənəd olmasa da, bilirsiniz, Qarabağ savaşında bizi ən çox dəstəkləyən xarici qurumlar arasında Kərkük türkman cəbhəsi və onların bir çox təşkilatları var idi. Biz də bu gün millət olaraq öz qardaşlarımıza hansı bir yollasa mənəvi dəstək olmalıyıq. Mən demirəm, İraq hadisələrinə müdaxilə edək, biz indi müharibəyə qatıla bilmərik. Amma hər halda, heç olmasa, evsiz-eşiksiz, yurdundan didərgin düşmüş, taleləri Qarabağ qaçqınlarının taleyinə bənzəyən İraq qaçqınlarına hansı bir şəkildəsə yardım etməliyik. Türkiyədə bir yardım kampaniyası başlayıb, ona biz də qoşulmalıyıq. Çünki o insanlar, doğrudan da, tarixin görmədiyi bir faciə içində yaşayırlar və biz millət olaraq buna münasibətimizi bildirməliyik.
Sədrlik edən. Sağ olun. Aydın Mirzəzadə.
A.Mirzəzadə. Təşəkkür edirəm, cənab Sədr. Azərbaycan parlamenti üzvlərinin Azərbaycan Respubli-kasının Prezidenti cənab İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasındakı çıxışına böyük diqqət etməsi heç də təsadüfi deyil. AŞPA üzvü olan ölkələr Nazirlər Komitəsinə növbə ilə 6 ay müddətində sədrlik edirlər. Avropa Şurasının 47 üzvü olduğunu nəzərə alsaq, Azərbaycan növbəti dəfə bu sədrliyi 24 ildən sonra, 2038-ci ildə edəcək. Yəni bu baxımdan Azərbaycan Avropa dəyərlərinə bağlı olan bir ölkə olduğunu 6 ay ərzində bir daha Avropaya və dünyaya sübut etməlidir.
Hesab edirəm ki, cənab Prezidentin AŞPA sessiya-sındakı çıxışında bu təqdimat çox uğurla keçdi. Azərbay-canın demokratik dövlət quruculuğunda, vətəndaşların hüquq və azadlıqlarının, o cümlədən azad mətbuat, açıq cəmiyyət təsisatlarının qorunması istiqamətində apardığı işlər diqqətəlayiqdir və bunlar dünya tərəfindən qəbul edilir. Eyni zamanda, Azərbaycan Prezidenti növbəti yarım il ərzində Azərbaycanın Avropanın aparıcı bir təşkilatına rəhbərliyinin uğurla həyata keçiriləcəyinin anonsunu verdi.
Aydın məsələdir ki, Azərbaycanın uğurları və yarım il də olsa, Avropaya rəhbərlik etməsi Avropada bəzi dairələrin, Azərbaycanı sevməyən müəyyən qüvvələrin xoşuna gələ bilməzdi. Əvvəlcədən hazırlanan provokasiyalı suallar cənab Prezidenti heç də çaşdırmadı. Onun bu suallara təcrübəli bir siyasətçi kimi cəsarətli cavabı Azərbaycanın bugünkü durumunu çox aydın ifadə edir.
Hesab edirəm ki, cənab Prezidentin AŞPA-dakı çıxı-şının məntiqi davamı dünən Azərbaycanda Silahlı Qüvvələr günündə Bakı yaxınlığında 4 min nəfər əsgərin, yüzlərlə hərbi texnikanın cəlb olunduğu hərbi təlimlərdən sonra Ali baş komandan cənab İlham Əliyevin hərbi heyət qarşısında etdiyi çıxış idi. Azərbaycanın maraqlarının qorunması, Azərbaycanın ərazi bütövlüyünün heç nəyə güzəştə gedilməyəcəyi barədə onun Avropa Şurasında bildirdiyi fikirlər cənab Prezidentin dünənki çıxışında da öz əksini tapdı, Silahlı Qüvvələri Azərbaycan  dövlətçiliyinin qarantı adlandırması, Silahlı Qüvvələrin inkişafına bundan sonra da diqqət edəcəyini söyləməsi hər birimizin ürəyindən xəbər verdi.
Bir gün gec olsa da, mən Silahlı Qüvvələr günü münasibətilə hər bir hərbçini, ilk növbədə Ali baş komandan  cənab İlham Əliyevi ürəkdən təbrik edir və ordunun döyüş qabiliyyətinin yüksəldilməsində onun böyük işlər gördüyünü bir daha vurğulamaq istəyirəm. Azərbaycan ordusunda gedən bugünkü dəyişikliklər ordumuzun... 
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm. Hörmətli Sədr, mən də Sizin dediyiniz fikirlərə qoşuluram. Təbii ki, Azərbaycan Prezidentinin AŞPA-dakı çıxışı adını azərbaycanlı qoyub, Azərbaycanın əleyhinə işləyən bəzi ünsürlərdən başqa, bütün Azərbaycan xalqında böyük bir fəxarət, ermənilərdə və erməni lobbisinə xidmət eləyən müəyyən Avropa deputatlarında isə məyusluq hissi doğurdu. Biz bunun şahidi olduq.
Cənab Prezident Azərbaycanda və dünyada gedən proseslərlə bağlı fikirlərini səsləndirdi. Orada bəzi depu-tatlar cənab Prezidentə bu gün Avropanın enerji təhlü-kəsizliyində Azərbaycanın rolu, regiondakı münaqişələrin həllinin yolları barədə deyil, Leyla Yunus və mənşəcə erməni olan digər o cür ünsürlər haqqında suallar verdilər. Bunlardan soruşan gərək ki, niyə 1 milyondan artıq qaçqın, 20 faiz işğal olunmuş torpaqlar haqqında sual vermirsən, bir erməni mənşəlini axtarıb tapıb onun haqqında sual verirsən? Əlbəttə, bu hərəkət orada olan bəzi insanların simasını açıb ortaya qoyur.
Təbii ki, özünü azərbaycanlı adlandıran, əslində isə erməni olduğuna görə orada sığınacaq alan insanlara o cür çıxış, o cür prezident, o cür münasibət sərf eləmir. Ona görə də onlar erməni lobbisinə işləyən avropalı deputatlara qoşulub Azərbaycanın haqq işinə, Azərbaycanda gedən proseslərə kölgə salmaq üçün nəsə etmək istədilər. Lakin onların təxribatları baş tutmadı. Çünki bizim  işimiz haqq işidir, bizim işimiz ədalətli işdir.
Sədrlik edən. Müzakirələrdə sonuncu çıxış. Fəzail İbrahimli.
F.İbrahimli. Çox sağ olun, Oqtay müəllim. Azərbaycan Respublikası Prezidentinin Avropa Şurasının Parlament Assambleyasındakı çıxışında mənim bilavasitə orada iştirak etdiyim üçün aldığım təəssüratları yox, sadəcə olaraq, gəldiyim qənaəti hörmətli millət vəkilləri ilə bölüşmək istərdim. Əvvəla, gəldiyim qənaət ondan ibarətdir ki, Azərbaycan beynəlxalq münasibətlər sistemində qətiyyətli söz sahibidir. Azərbaycan dünya dövlətləri sırasında öz yeri, görünən rolu olan bir dövlətdir. Azərbaycanla heç bir dövlət diktə dilində danışa bilməz, onunla yalnız hüquq bərabərliyi müstəvisində münasibətlər qurula bilər.
Görüşün ana xəttini Dağlıq Qarabağ məsələsi təşkil etdi. Cənab Prezident kürsüdən xitabən bu sözləri dedi:  “Siz bilməsəniz də, Ermənistandan olan nümayəndələr çox yaxşı bilirlər ki, bugünkü Ermənistan dövləti Azərbaycan ərazisində yaradılıb və növbəti bir erməni dövlətinin yaranmasına biz heç cür icazə verə bilmərik”. Bu bir tarixçinin hansısa mənbələrə söykənib irəli sürdüyü fikir, hansısa bir Azərbaycan insanının bir vətənpərvər düşüncəsi deyildi. Bu, dövlət başçısının dəyanəti, dünya dövlətlərini, Avropanı silkələyə bilən bir ifadəsi idi. Bu, həqiqətin boz sifətinin açılması idi.
Qısa zaman kəsiyində, münbit siyasi mühitdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına rəvac verən səbəb nə idi? Möhkəm iradə, qətiyyətli mövqe, xarakterdən irəli gələn cəsarətin ortaya qoyulması, haqqın, ədalətin hər şeydən yüksək tutulması, avropalılarla onların dilində danışmaq bacarığı. Bütün bunlar, mənə elə gəlir ki, uzun müddət bizim ideoloji cəbhədə apardığımız işin yeni bir mərhələsi, ideoloji sahədə bütün cəbhə boyu hücum və bu hücumda çox böyük qələbə idi.
Avropa Şurasında məni narahat edən daha bir məsələni gündəmə gətirmək istərdim. Ancaq çox təəssüf ki, vaxtımız buna imkan vermir. İnşallah, növbəti Məclisdə bunu gündəmə gətirərəm. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Gündəliyin birinci məsələsinə keçirik. Bildiyiniz kimi, gündəliyin birinci məsələsi Konstitusiya Qanunudur. Səsvermədə bütün de-putatlar iştirak etsinlər. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə (ikinci səsvermə). Əli Hüseynli.
Ə.Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.
Çox sağ olun, hörmətli cənab Sədr. Qeyd etdiyiniz kimi, bu gün ancaq səsvermədir. Çünki İnsan hüquqları üzrə müvəkkil haqqında qanunun 16.1-ci maddəsində birgə dəyişiklik etmişdik. Bu dəyişiklik ombudsmanın maddi təminatı ilə bağlıdır və qanun layihəsində konkret rəqəmlə göstərilmişdir. Burada dəyişiklik olub. Keçən sessiyada səs vermişik, qəbul etmişik, amma bu, Konstitusiya Qanunu olduğuna görə 6 ay keçdikdən sonra yenidən səs verib qəbul etmək zərurəti mövcuddur. Ona görə millət vəkillərindən səsvermədə diqqətli olmağı xahiş edirəm. Çox sağ olun.      
Sədrlik edən. Çox sağ olun. Hörmətli millət vəkilləri, xahiş edirəm, Konstitusiya Qanununa ikinci səsvermədə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.38 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 103
Nəticə: Qəbul edildi

Çox sağ olun. Konstitusiya Qanunu ikinci səsvermədə qəbul edildi.
Növbəti məsələ – Azərbaycan Respublikasının Əlcəzair Xalq Demokratik Respublikasında Səfirliyinin təsis edilməsi haqqında qanun layihəsi barədə. Buyursun Azər Kərimli.
A.Kərimli, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü.
Təşəkkür edirəm, cənab Sədr. Hörmətli millət vəkilləri! Bildiyiniz kimi, Azərbaycan 2000-ci illərin ortalarından başlayaraq diplomatik təmsilçiliklərinin sayının davamlı olaraq artırılması strategiyasını həyata keçirməyə başlayıb. Dövlətimizin iqtisadi qüdrətinin artması imkan yaradıb ki, Azərbaycan dünyada artan nüfuzu fonunda daha çox ölkədə öz səfirliklərini yaratsın.
Son illər, xüsusilə 2004-cü ildən başlayaraq ötən dövr ərzində Azərbaycanın xarici ölkələrdəki səfirliklərinin, diplomatik korpuslarının sayı, demək olar ki, üç dəfədən çox artıb. Hazırda Azərbaycanın xarici ölkələrdəki səfirlik, daimi nümayəndəlik və konsulluqlarının sayı yüzə yaxındır. Azərbaycan səfirliklərinin yerləşmə coğrafiyası da xeyli genişlənib. O cümlədən Argentinada, Paraqvayda, Tailandda, Şri-Lankada, hətta Avstraliya İttifaqı kimi uzaq ölkələrdə Azərbaycanın səfirlikləri açılıb.
Hesab edirik ki, Əlcəzair Respublikasında Azərbaycan səfirliyinin təsis edilməsi də bu uğurlu siyasətin məntiqi davamıdır. Ona görə mən hörmətli millət vəkillərindən bu qanun layihəsinə səs verməyi xahiş edirəm.
Sədrlik edən. Çox sağ olun.
Yerdən. (Eşidilmir.) 
Sədrlik edən. Bu məsələ barədə çıxışa yazılmısınız, yəni yenilik deyəcəksiniz?
Yerdən. (Eşidilmir.) 
Sədrlik edən. Mən də elə hesab edirəm. Bu, səfirliyin açılması barədə qanun layihəsidir. Layihə təqdim olundu. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.40 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.

Növbəti məsələ – “Azərbaycan Respublikası Hökuməti və Fransa Respublikası Hökuməti arasında Bakı Fransız Liseyinin yaradılması və fəaliyyəti haqqında” Sazişin təsdiq edilməsi barədə. Buyursun yenə Azər Kərimli.
A.Kərimli. Təşəkkür edirəm, hörmətli cənab Sədr. Hörmətli millət vəkilləri, bildiyiniz kimi, 2011-ci il ok-tyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Fransa Respublikasının sabiq Prezidenti Nikolya Sarkozi arasında Bakı Fransız Liseyinin təsis olunmasına dair razılıq əldə  edilmişdir. Amma bu təşəbbüs 2011-ci il mart ayının 1-də Heydər Əliyev Fondunun prezidenti millət vəkili Mehriban xanım Əliyeva tərəfindən irəli sürülmüşdür.
Məlumdur ki, Heydər Əliyev Fondu təhsilə dəstək layihəsi çərçivəsində bir çox layihələr həyata keçirir. Bu da o layihələrdən biridir.
Təqdim olunan sazişin bəzi mühüm məqamlarını diqqətinizə çatdırmaq istərdim. Bunlardan biri Fransız Liseyinin İdarəetmə Komitəsinin Heydər Əliyev Fondu, Azərbaycan Dövlət Neft Şirkəti, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Fransa Respublikasının Azər-baycandakı Səfirliyi tərəfindən birgə təşkil olunmasıdır. İkinci məqam Fransız Liseyinin tədris planının Fransa Respublikasının ümumtəhsil müəssisələrində tətbiq edilən tədris planından ibarət olmasıdır.
Qeyd etmək istəyirəm ki, Fransız Liseyində Azərbaycan dili, Azərbaycan ədəbiyyatı, Azərbaycan tarixi və Azərbaycan coğrafiyası fənləri azərbaycanlı şagirdlərə, eləcə də bu fənlərin Azərbaycan dilində tədris olunmasını istəyən digər əcnəbi şagirdlərə Azərbaycan dilində tədris olunacaqdır.
2014-cü il may ayının 11-də Prezident İlham Əliyev və Fransa Prezidenti Fransua Olland Bakı Fransız Liseyində yaradılmış şəraitlə tanış olan zaman möhtərəm Preziden-timiz cənab İlham Əliyev demişdi: “Bu lisey, sadəcə olaraq, yeni bir təhsil ocağı deyil, həm də Fransa–Azərbaycan dostluğunun mərkəzi olacaqdır”. Biz də əminik ki, bu lisey həm Azərbaycan–Fransa münasibətlərinə töhfə verəcək, həm də Azərbaycan təhsil sisteminin Avropa təhsil sisteminə inteqrasiyasında yaxşı bir nümunə olacaqdır. Hörmətli millət vəkillərindən bu qanun layihəsinin lehinə səs verməyi xahiş edirəm. Təşəkkür edirəm.
Sədrlik edən. Xahiş edirəm, qanun layihəsinə münasi-bət bildirək.

Səsvermənin nəticələri (saat 12.43 dəq.)
Lehinə  96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  96
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ – Azərbaycan Respublikasının Şəhər-salma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haq-qında qanun layihəsi. Buyursun Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bildiyiniz kimi, Şəhərsalma və Tikinti Məcəlləsi bizim çağırış Milli Məclisdə işlənib hazırlanmış və 2012-ci ildə qəbul olunmuşdur. O zaman “İctimai iştirakçılıq haqqında” Qanun mövcud deyildi. Buna baxmayaraq, biz o məcəllədə artıq ərazi planlaş-dırılması ilə bağlı ictimai müzakirələr müddəasını nəzərdə tutmuşduq. Amma bir daha vurğulayıram ki, bu ictimai iştirakçılığın forması, metodologiyası o zaman hələ məlum deyildi. Sonradan yenə bizim komitənin, komitənin üzvü Azay Quliyevin təşəbbüsü ilə çox vacib bir qanun – “İctimai iştirakçılıq haqqında” Qanun təqdim edildi, qəbul olundu.
İndi təklif olunan qanun layihəsi isə Tikinti Məcəllə-sində ərazi planlaşdırılması ilə bağlı ictimai müzakirələrin məhz “İctimai iştirakçılıq haqqında” Qanuna uyğun olaraq keçirilməsini nəzərdə tutur. Bu çox məntiqlidir. Çünki qeyd edirəm ki, ümumi müddəanı biz yazmışdıq. Amma onun qaydaları haqqında normalar mövcud deyildi, artıq o da mövcuddur.
Hesab edirəm ki, bu, əhəmiyyətli bir məsələdir. Be-ləliklə, biz həm bu iki qanunu bir-birinə uyğunlaşdırmış, həm də Tikinti Məcəlləsini həyata keçirəcək orqanlar üçün bir normativ-hüquqi baza yaratmış oluruq. Çox sağ olun.
Sədrlik edən. Sağ olun.
Yerdən. (Eşidilmir.) 
Sədrlik edən. Başqa fikir yoxdursa, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.45 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ – “Balıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında. Buyursun Eldar İbrahimov.
E.İbrahimov, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri.
Hörmətli cənab Sədr, hörmətli deputat həmkarlarım! Milli iqtisadiyyatımızın mühüm sahələrindən olan balıqçılığın əsas məqsədi balıq və digər su bioresurslarının mühafizəsi, artırılması və səmərəli istifadə edilməsi əsasında ölkə əhalisinin balıq məhsullarına olan tələbatını ödəmək, ərzaq təhlükəsizliyini təmin etmək, şirin sularda və dənizlərdə əmtəə akvakulturasının inkişafı əsasında balıqçılıq təsərrüfatı kompleksinin davamlı fəaliyyətini təmin etməkdən ibarətdir.
Bu məqsədlə 1998-ci ildə “Balıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş və ölkə-mizin daxili su hövzələrində balıq və digər su bioresurslarının artırılması, bərpası və mühafizəsi istiqamətində bir sıra bioloji, biotexniki və texnoloji tədbirlər həyata keçirilmişdir. Nəticədə, son 6 ildə balıq istehsalı 2,5 dəfə artmış, 2012-ci ildə adambaşına 5,5 kiloqram balıq istehsal olunmuş və bu sahədə idxaldan asılılıq 10 faiz azalaraq 28 faiz təşkil etmişdir. Ölkəmizdə balıqçılığın inkişafı üçün əlverişli şərait mövcuddur və bu imkandan səmərəli istifadə etmək üçün ilk növbədə balıqçılığın inkişafını təmin edən hüquqi bazanın təkmilləşdirilməsinə ehtiyac vardır.
Balıqçılıq haqqında mövcud qanunvericilik bazasının təkmilləşdirilməsini zəruri edən bəzi məsələlərə sizin diqqətinizi cəlb etmək istəyirəm. Məlumdur ki, ölkəmizdə balıq istehsalının əsas mənbəyi Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsidir. Hazırda Xəzər dənizinin balıq ehtiyatlarından beş Xəzəryanı dövlət istifadə edir. 1992-ci ildə bu dövlətlər tərəfindən Xəzər dənizinin su bioloji resursları komissiyası yaradılmışdır və dənizin balıq ehtiyatlarından səmərəli istifadəyə dair müəyyən tədbirlər həyata keçirilir.
Ölkəmizdə aparılan torpaq islahatları əmtəəlik balıqyetişdirmə təsərrüfatlarının sayını, məhsuldarlığını və sa-həsini artırmaq üçün böyük imkanlar yaratmışdır. Müasir tələblərə cavab verən balıqçılıq təsərrüfatlarının yaradıl-masının sürətləndirilməsi və onların səmərəli fəaliyyət göstərməsi üçün mövcud qanunvericilik bazasına dəyi-şikliklər edilməsi vacibdir.
“Balıqçılıq haqqında” Qanunun təkmilləşdirilməsini zəruri edən səbəblərdən biri də dünyada baş verən qloballaşma prosesi ilə əlaqədar Azərbaycan Respublikasının balıqçılıqla bağlı bir çox beynəlxalq konvensiyalara qoşulmasıdır. Respublikamız indiyə kimi balıqçılıqla əlaqədar olan 12 beynəlxalq konvensiyaya qoşulmuşdur. Bunların arasında mən “Mərkəzi Asiya və Qafqazda balıqçılıq təsərrüfatı və akvakultura sahəsində regional komissiya haqqında” Sazişi xüsusi qeyd etmək istəyirəm. Bu sazişə biz Azərbaycan Respublikasının 2012-ci il 2 noyabr tarixli qanunu ilə qoşulmuşuq və üzərimizə müəyyən öhdəliklər götürmüşük.
Bu saziş bizə imkan verir ki, üzv ölkələrlə əlaqə yara-daraq kiçik balıqçılıq təsərrüfatı və akvakultura müəssi-sələrinin inkişaf etdirilməsi üçün müasir texnologiya və üsulların tətbiqindən, bu sahədə maarifləndirmə işlərinin təşkilindən, müvafiq tövsiyələrdən istifadə edərək əmtəə-lik balıq istehsalını artıraq. Bu da balıqçılıq sahəsində istifadə olunan terminlərin, görüləcək tədbirlərin beynəl-xalq sazişlərə uyğunlaşdırılmasını tələb edir. Lakin balıq-çılıq haqqında mövcud qanunvericilik beynəlxalq stan-dartlara, qabaqcıl təcrübəyə və sazişlərə uyğun deyil. Bu isə balıqçılıq təsərrüfatlarının səmərəli fəaliyyətini və inkişafını təmin etməyə imkan vermir.
Müzakirənizə verilmiş qanun layihəsi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təqdim edilmişdir. Qanun layihəsi Aqrar siyasət komitəsində mütəxəssislərin iştirakı ilə işçi qrupunda bir neçə dəfə baxıldıqdan sonra rəy almaq üçün 2013-cü ilin noyabr ayında Ədliyyə, Maliyyə, Kənd Təsərrüfatı, İqtisadiyyat və Sənaye, Ekologiya və Təbii Sərvətlər nazirliklərinə göndərilmişdir. Alınan rəylər əsasında layihə üzərində iş davam etdirilmiş, müvafiq dəyişikliklər edilərək təkmilləşdirilmiş variant sizə paylanmışdır.
Bu dəyişikliklər, əsasən, aşağıdakı istiqamətlərdə aparılmışdır: birinci, qüvvədə olan qanunvericiliyin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğunluğunun təmin edilməsi; ikinci, qanunda mövcud normaların təkmilləşdirilməsi və yeni normaların müəyyən edilməsi; üçüncü, balıqçılıq məhsulları istehsalının artırılmasında xüsusi yeri olan akvakulturanın inkişafını təmin edən müddəaların əks etdirilməsi.
Bu məqsədlə 42 maddədən ibarət qanun layihəsində 120-dən çox dəyişiklik edilmişdir. Qanuna akvakultura ilə bağlı çərçivə xarakterli normalar, anlayışlar daxil edilmiş, müvafiq icra hakimiyyəti orqanlarının normayaratma fəaliyyəti üçün hüquqi göstərişlər nəzərdə tutulmuşdur. Dəyişikliklərin sayının çox olması, əsasən, akvakulturanın təşkili və mövcud anlayışların müasir anlayışlara uyğunlaşdırılması ilə bağlıdır. Misal üçün, Qanunun mətnində 12 yerdə “balıq ehtiyatları” anlayışı “balıq və digər su bioresursları” anlayışı ilə əvəz edilmiş, 1-ci maddəyə “balıqçılıq su obyektləri”, “balıq və digər su bioresursları”, “balıq və digər su bioresurslarının bərpası”, “balıq və digər su bioresursları üçün süni yaradılmış məskunlaşma şəraiti”, “balıq və digər su bioresurslarının iqlimləşdirilməsi” kimi yeni anlayışlar əlavə edilmişdir.
Layihədə ən çox işlənən yeni anlayışlardan biri akva-kulturadır. Akvakultura nə deməkdir? Qısa və konkret desək, bu, suda və quruda xüsusi su hövzəsi yaratmaqla balıq yetişdirməkdir. Hazırda akvakulturanın kənd ərazilərində, kənd təsərrüfatına az yararlı və yararsız torpaqlarda su hövzələri yaratmaqla təşkili geniş yayılır.
Hörmətli deputat həmkarlarım, “Balıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər, əsasən, Qanunun təkmilləşdirilməsinə xidmət edir. Mən çalışdım ki, bu barədə sizə qısa məlumat verim. Xahiş edirəm, bu qanuna səs verəsiniz. Sağ olun.
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox sağ olun, cənab Sədr. Hörmətli millət vəkilləri, media nümayəndələri! Doğrudan da, çox önəmli bir qanun layihəsini, qanuna edilən əlavə və dəyişiklikləri müzakirə edirik. Eldar müəllimə də gözəl təqdimat üçün minnətdarlığımı bildirirəm.
Mən bu yaxınlarda Evronyus telekanalı ilə bir veriliş izlədim. Orada qeyd olunurdu ki, Avropa artıq özünün balığa olan ehtiyacının yalnız 30 faizini dənizlərdən, okeanlardan əldə edir. Avropada istehlak olunan balığın qalan 70 faizi süni su hövzələrində yetişdirilir. Həmin verilişdə bildirildi ki, bu məqsədlə indi artıq əlavə xərclər çəkilməsin deyə, birbaşa dənizin içərisində xüsusi qurğular quraşdırılır.
Biz Xəzərin sahilində yerləşən bir ölkəyik, amma Azərbaycana hər il Avropadan, başqa ölkələrdən min tonlarla balıq idxal olunur. Azərbaycanda əhalinin həyat səviyyəsi yüksəlir, insanlar bu qida növündən daha çox istifadə etməyə başlayırlar. Ona görə də mən düşünürəm ki, bu qanunu qəbul edirik, öz yerində, amma ölkədə balıq istehsalının əsaslı surətdə artırılması üçün xüsusi dövlət proqramı qəbul olunmalıdır. Xəzər dənizinin içərisində balıq yetişdirilməsi üçün artıq orada suyu dəyişməyə ehtiyac yoxdur, xərclər xeyli azaldılır, balıqlar xüsusi metal barmaqlıqlar içərisində yetişdirilir. Yəni müasir təcrübə öyrənilməklə biz bu sahəyə xüsusi diqqət yetirməliyik.
Mən hesab edirəm ki, əgər bu məqsədlə xüsusi dövlət proqramı qəbul olunar və dövlət tərəfindən bu sahəyə investisiyalar ayrılarsa, bir müddətdən sonra Azərbaycan nəinki balıq idxal edən, hətta balıq ixrac edən bir ölkəyə çevrilə bilər. Mən bu layihəyə səs verəcəyəm. Sağ olun.
Sədrlik edən. Çox sağ olun.
Yerdən. (Eşidilmir.) 
Sədrlik edən. Əgər başqa təklif yoxdursa, xahiş edi-rəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.54 dəq.)
Lehinə  96
Əleyhinə 0
Bitərəf 2
Səs vermədi 0
İştirak edir  98
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Hörmətli millət vəkilləri, bununla da bugünkü iclasın gündəliyindəki məsələlər sona çatdı. Bildiyiniz kimi, bu bizim növbədənkənar sessiyanın son iclası idi. Ancaq nəzərə alın ki, bizim işimiz hələ ayın 15-nə kimi davam edir.
Son bir ay ərzində Azərbaycanda çox böyük beynəlxalq parlament tədbirləri keçirilir. Sabah Azərbaycanda ATƏT-in Parlament Assambleyasının 23-cü sessiyası keçiriləcək. Azərbaycana artıq 57 ölkədən nümayəndə heyəti gəlib. Bu ölkələri 400-dən çox insan təmsil edir. Xahiş edirəm, bizim nümayəndə heyətinə daxil olan millət vəkilləri bu sessiyada çox fəal işləsinlər.
İndi isə növbədənkənar yaz sessiyasını bağlı elan edirəm.

(Azərbaycan Respublikasının Dövlət himni səslənir.)


EDİLMƏMİŞ ÇIXIŞLARIN MƏTNLƏRİ

 

27 iyun 2014-cü il
____________________

Sədaqət Vəliyeva. Son günlər ərzində baş verən mühüm siyasi-diplomatik proseslərin fonunda bir daha əmin oluruq ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan fəal xarici siyasət yürüdür. “Hücum diplomatiya”sının nəticəsidir ki, bu gün Ermənistan dünya siyasətində təcrid edilib, Azərbaycan haqq sözünü beynəlxalq siyasi tribunalarda asanlıqla söyləyir, ölkəmiz qlobal təhlükəsizlik və əməkdaşlıq məsələlərinə yüksək səviyyədə öz  töhfəsini verir.
Həmçinin Azərbaycanın sülhpərvər xarici siyasət kursu həyata keçirməsi səbəbindən dostlarımızın da sayı artır. BMT Təhlükəsizlik Şurasının üzvü seçilmək üçün 155 dövlətin Azərbaycana dəstək olması faktı bunu bir daha sübut edir.
Azərbaycanın xarici siyasətinin təsir dairəsi artıq Asiya, Amerika və Afrika qitələrinədək uzanır. Cənab Prezident İlham Əliyevin Vyetnama, Çinə səfərləri, Cənubi Koreya və Yaponiya ilə səmərəli əməkdaşlıq əlaqələrinin qurulması, Cənubi Amerika və Afrika ölkələri ilə diplomatik münasibətlərin yaradılması  söylənilən fikrin əyani sübutlarıdır.
Elə bu prizmadan yanaşaraq, Əlcəzairdə Azərbaycanın səfirliyinin açılmasını yüksək dəyərləndirirəm. Düşünürəm ki, müstəqilliyimizin ilk illərində indiki radikal mü-xalifət tərəfindən  buraxılmış kobud səhvlər nəticəsində beynəlxalq aləmdən təcrid olunmuş Azərbaycan 20 ildən sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə artıq qlobal problemlərin həllində mühüm rol oynayır. Azərbaycanın Avropa ailəsi, türk dünyası və islam aləmi ilə səmərəli əlaqələrə sahib olması, eyni zamanda, Əlcəzairdə səfirliyimizin açılması ölkəmizin bu istiqamətdə diplomatiyasının daha səmərəli nəticələr verəcəyinə inam yaradır.

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi