2013-ci il 12 noyabr tarixli iclasın stenoqramı

DÖRDÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
X  SESSİYASI  İCLASININ

PROTOKOLU № 74

Milli  Məclisin  iclas  salonu.
12  noyabr  2013-cü  il.

İclasa  Azərbaycan  Respublikası  Milli  Məclisinin Sədri  O.Əsədov  sədrlik  etmişdir.

İclasda Milli Məclisin 109 deputatı iştirak etmişdir.

Qeydiyyat (saat 12.07 dəq.)
İştirak edir 106
Yetərsay 83

İclasa dəvət olunmuşlar:

Artur Rasizadə, Azərbaycan Respublikasının Baş naziri. 
Elçin Əfəndiyev, Azərbaycan Respublikası Baş nazirinin müavini.
Əli Əhmədov, Azərbaycan Respublikası Baş nazirinin müavini.
Əli Həsənov, Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri.
İsmət Abasov, Azərbaycan Respublikası Baş nazirinin müavini.
Fikrət Məmmədov, Azərbaycan Respublikasının ədliyyə naziri.
Samir Şərifov, Azərbaycan Respublikasının maliyyə naziri.
Fazil Məmmədov, Azərbaycan Respublikasının vergilər naziri.
Heydər Əsədov, Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri.
Əbülfəs Qarayev, Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri.
Mikayıl Cabbarov, Azərbaycan Respublikasının təhsil naziri.
Oqtay Şirəliyev, Azərbaycan Respublikasının səhiyyə naziri.
Azad Rəhimov, Azərbaycan Respublikasının gənclər və idman naziri.
Rüfət Aslanlı, Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri.
Aydın Əliyev, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri.
Qərib Məmmədov, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri.
Arif Vəliyev, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri.
Nazim İbrahimov, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri.
Kərəm Həsənov, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri.
Abbas Ələsgərov, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri.
Elman Rüstəmov, Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin sədri.
Şahmar Mövsümov, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru.
Əlövsət Baxşıyev, Naxçıvan Muxtar Respublikasının Baş naziri.
Elman Mehdiyev, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu sədrinin müavini.
Adil Məhərrəmov, Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini.
Cəfər Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Nazim Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Vaqif Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Mehriban Əlişanova, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Şahin Sadıqov, Azərbaycan Respublikası Nazirlər Kabinetinin İqtisadiyyat və maliyyə-kredit siyasəti şöbəsinin müdiri.
Azər Bayramov, Azərbaycan Respublikası maliyyə nazirinin müavini.
Sevinc Həsənova, Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini.
İlqar Rəhimov, Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini.
Elmir Vəlizadə, Azərbaycan Respublikası rabitə və informasiya texnologiyaları nazirinin müavini.
Gülməmməd Cavadov, Azərbaycan Respublikası energetika nazirinin müavini.
Etibar Mirzəyev, Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini.
Firdovsi Əliyev, Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini.
Tofiq Rəfiyev, Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini.
Gündüz İsmayılov, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini.
Sədaqət Qəhrəmanova, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
2. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
3. Azərbaycan Respublikasında 2014-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
4. Azərbaycan Respublikasında 2014-cü il üçün ehtiyac meyarının həddi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
5. Azərbaycan Respublikası Milli Məclisinin 2014-cü il üçün xərclər smetası haqqında.
6. Azərbaycan Respublikası Hesablama Palatasının 2014-cü il üçün xərclər smetası haqqında.


Aşağıdakı məsələlər müzakirə edilmişdir:

Gündəlik haqqında.

Çıxış etmişdir: Oqtay Əsədov

Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.08 dəq.)
Lehinə 106
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 106
Nəticə: Qəbul edildi

Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Oqtay Əsədov, Ziyad Səmədzadə, Samir Şərifov, Sevinc Həsənova, Adil Məhərrəmov, Leyla Abdullayeva, Əli Hüseynli, Musa Qasımlı, Fərəc Quliyev, Rafiq Məmmədhəsənov, Əli Məsimli, Fazil Mustafa, Jalə Əliyeva, Mübariz Qurbanlı, İlham Məmmədov, Əhməd Vəliyev, Məlahət İbrahimqızı, Tahir Rzayev, Yaqub Mahmudov, Zahid Oruc, Gülçöhrə Məmmədova


Azərbaycan Respublikası
Milli Məclisinin Sədri 
O.ƏSƏDOV

 

 

MİLLİ  MƏCLİSİN  İCLASI

12 noyabr 2013-cü il. Saat 12.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri, hörmətli cənab Baş nazir, hörmətli hökumət üzvləri! Bu gün iclasa başlamamışdan qabaq mən sizin hamınızı Konstitusiya günü münasibəti ilə təbrik edirəm. Əlamətdar haldır ki, elə bu Konstitusiya günündə də biz Konstitusiyaya uyğun olaraq büdcə layihəsinə baxacağıq.
Hörmətli xanımlar və cənablar! Bu il Azərbaycan xalqının tarixində əlamətdar bir hadisə oldu. Azərbaycanda Prezident seçkiləri keçirildi və Azərbaycan xalqının oğlu möhtərəm cənab İlham Əliyev Prezident seçkilərində çox böyük, parlaq qələbə qazandı. Azərbaycan öz gələcəyinə, inkişafına doğru irəliləməkdə davam edir. Biz cənab Prezidentin andiçmə mərasimini Milli Məclisdə keçirdik. Cənab Prezidentin təqdimatı ilə Azərbaycan Respublikası Baş nazirinin təyin olunmasına da Milli Məclisdə razılıq verdik.
Yeni hökumət yaradılandan sonra indi ilk dəfədir ki, hökumət üzvləri Milli Məclisdədirlər. İcazə verin, sizin hamınızın adından mən bizim hörmətli hökumət üzvlərini təbrik edim, onlara gələcək işlərində uğurlar arzulayım. (Alqışlar.)
Azərbaycan Respublikasının Konstitusiyasına və “Büdcə sistemi haqqında” Qanuna uyğun olaraq, 2014-cü il üçün dövlət büdcəsinin, Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin layihələri, 2014-cü il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi haqqında qanun layihələri Milli Məclisin müzakirəsinə təqdim olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi müdrik siyasət ölkəmizi müasir dünyanın ən dinamik inkişaf edən dövlətlərindən birinə çevirmişdir. Son on ildə Azərbaycan iqtisadiyyatı 3,4 dəfə artmışdır. Dövlət büdcəsinin həcmi 19 dəfədən çox artaraq 20 milyard manata, yəni 25,6 milyard dollara çatmışdır. Bu illər ərzində ölkə iqtisadiyyatına bütün mənbələr hesabına 150 milyard dollardan çox sərmayə yatırılmışdır. Azərbaycanın valyuta ehtiyatları 50 milyard dollara yaxınlaşmışdır. Möhtərəm Prezidentimizin söylədiyi kimi, Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmamışdır.
Müzakirəmizə təqdim olunan 2014-cü ilin dövlət büdcəsi layihəsi Azərbaycanın bugünkü inkişaf səviyyəsini və sosial-iqtisadi həyatımızın reallıqlarını əks etdirir. Bir aya yaxındır ki, büdcə layihəsi kütləvi informasiya vasitələrində dərc olunmuş və geniş ictimaiyyətin müzakirəsinə verilmişdir.
Hesablama Palatası büdcə layihəsi haqqında rəyini bildirmişdir. Büdcə layihəsi Milli Məclisin bütün komitələrində yüksək səviyyədə müzakirə olunmuş və baxılmaq üçün Milli Məclisin plenar iclasına çıxarılması tövsiyə edilmişdir.
Hörmətli millət vəkilləri və hökumət üzvləri! Büdcə sənədlərindən göründüyü kimi, 2014-cü il dövlət büdcəsinin layihəsi qarşıdakı dövrdə də Azərbaycan iqtisadiyyatının sabit inkişafının davam edəcəyinə əminlik yaradır. Makroiqtisadi proqnozlara görə, bu il ölkədə ümumi daxili məhsul istehsalının 55 milyard manat, yəni 70 milyard dollar həcmində olacağı gözlənilir. Bu, əvvəlki illə müqayisədə 4,5 faiz artım deməkdir. Hökumət gələn il üçün bu göstəricilərin müvafiq olaraq 58,6 milyard manat, yəni 75 milyard dollar və artımın 5,2 faiz həcmində olacağını proqnozlaşdırır.
Bu məqsəd əsasən iqtisadiyyatın qeyri-neft sektorunun sürətli inkişafı hesabına əldə edilməlidir. Cari ilin sonuna gözlənilən və növbəti il üçün proqnozlaşdırılan 10 faizlik artım bunu söyləməyə əsas verir.
Mən büdcə ilə bağlı müzakirələr sırasında öz fikirlərimi bildirəcək, təkliflərimi verəcəyəm. İndi əgər etiraz etmirsinizsə, iclasımızın hansı ardıcıllıqla davam edəcəyini aydınlaşdıraq. Mən təklif edirəm ki, ilk öncə sözü İqtisadi siyasət komitəsinin sədrinə verək, sonra hörmətli maliyyə nazirinin, iqtisadiyyat və sənaye naziri müavininin, Mərkəzi Bankın İdarə Heyəti sədrinin və Hesablama Palatası sədrinin müavininin çıxışlarına qulaq asaq. Ondan sonra müzakirələrə başlayarıq. İndi xahiş edirəm, qeydiyyatdan keçək.

Qeydiyyat (saat 12.07 dəq.)
İştirak edir 106
Yetərsay 83

Yetərsay var. İclasımıza başlaya bilərik.
Hörmətli millət vəkilləri, gündəlik sizə paylanıb. Xahiş edirəm, gündəliyə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 12.08 dəq.)
 Lehinə  106
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  106
 Nəticə: Qəbul edildi

Çox sağ olun, gündəlik təsdiq olundu.
İndi dediyimiz ardıcıllıqla 2014-cü ilin dövlət büdcəsi haqqında qanun layihəsi barədə çıxış etmək üçün hörmətli Ziyad Səmədzadəyə söz verilir. Buyursun.
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri.
Hörmətli cənab Sədr, hörmətli cənab Baş nazir, hörmətli millət vəkilləri! Milli Məclisin müzakirəsinə təqdim edilən 2014-cü ilin dövlət büdcəsinin layihəsi “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və Azərbaycan dövlətinin inkişafı, milli təhlükəsizliyi, onun iqtisadi qüdrətinin daha da möhkəmləndirilməsi, əhalinin rifahının yaxşılaşdırılmasını nəzərdə tutan dövlət siyasətinin həyata keçirilməsinin maliyyə təminatını əhatə edir.
Büdcə zərfinə daxil olan sənədlərin Milli Məclisin komitələrində müzakirəsi zamanı xüsusi olaraq vurğulandı ki, hökumət, onun müvafiq strukturları ölkənin ali iqtisadi maliyyə sənədi hesab edilən dövlət büdcəsinin layihəsini hazırlayarkən dövlət başçısı İlham Əliyevin Azərbaycan iqtisadiyyatının dinamik, keyfiyyətli inkişafı, ölkənin milli maraqlarının qorunması ilə bağlı baxışlarını, tövsiyə və tapşırıqlarını əsas götürmüşlər.
Büdcə tərtibatına sistemli yanaşma, qlobal dünya iqtisadiyyatında baş verən ziddiyyətli proseslərin, daxili və xarici amillərin obyektiv qiymətləndirilməsinin məntiqi nəticəsidir ki, qarşıdakı illərdə Azərbaycan iqtisadiyyatının dinamik inkişafı, əsas sosial-iqtisadi göstəricilərin yaxşılaşması meyilləri qorunub saxlanılacaqdır.
Dövlət büdcəsi layihəsi və sonrakı 3 il üzrə Azərbaycan Respublikasının iqtisadi inkişaf sürəti region, Avropa və dünya üzrə olan göstəricilərdən yüksək olacaq və bu meylin davam etməsi ölkəmizə imkan verəcək ki, yaxın gələcəkdə Azərbaycan iqtisadi inkişaf səviyyəsinə görə inkişaf etmiş ölkələr səviyyəsinə çıxsın.
Diqqətinizə bir neçə faktı çatdırmaq istərdim. SSRİ-nin dağılması ərəfəsində və Zaqafqaziya respublikalarının müstəqilliyinin ilk illərində Cənubi Qafqazda istehsal edilən ümumi məhsulda Azərbaycanın xüsusi çəkisi 49 faiz idi. Bu gün bu rəqəm 75 faizdən yuxarıdır. Adambaşına düşən ümumi daxili məhsulun həcminə görə Azərbaycan MDB-yə daxil olan ölkələrin çoxundan yuxarı pillədədir. Bu fərq heç də neft amili hesabına deyildir. Ölkəmizin qeyri-neft sektorunda ümumi daxili məhsulun adambaşına düşən həcmi bütövlükdə qonşu dövlətlər üzrə müvafiq göstəricidən yüksəkdir.
Onu da qeyd edək ki, dövlət büdcəsinin artıq bir neçə ildir ki, ümumi daxili məhsulda xüsusi çəkisinin 31–33 faiz çərçivəsində müəyyən edilməsi bu düzgün siyasətin gələcəkdə də davam etdirilməsi üçün möhkəm baza yaradır. Hesablamalara görə yaxın 4–5 ildə ümumi daxili məhsulun həcmi 100 milyard dollardan çox, dövlət büdcəsinin həcmi 35 milyard dollar civarında olacaqdır ki, bu da Azərbaycanın iqtisadi qüdrətini, onun əhalisinin həyat səviyyəsinin yaxşılaşdırılmasını xarakterizə edən mühüm nəticələrdən biridir.
2014-cü il üçün dövlət büdcəsinin gəlirləri Dövlət Neft Fondundan edilən transfer nəzərə alınmadan 2013-cü ilə nisbətən 15,9 faiz və ya 1,2 milyard manatdan çox müəyyənləş-dirilmişdir. Biz hesab edirik ki, belə yanaşma büdcənin gələcəkdə neftdən asılılığını minimuma endirmək məqsədinə xidmət edir.
2014-cü ilin dövlət büdcəsinin prinsipial cəhətlərindən biri ondan ibarətdir ki, Dövlət Neft Fondundan büdcəyə transfer 2 milyard manat azaldılacaq. Qlobal risklərin çoxaldığı bir şəraitdə belə bir meylin gələcəkdə də davam etdirilməsini təmin etmək ölkənin iqtisadi təhlükəsizliyi üçün müstəsna əhəmiyyət kəsb edəcəkdir. Dövlət başçısı İlham Əliyevin Azərbaycanın yaxın və uzaq gələcəkdə inkişafı ilə bağlı baxışları, ölkə iqtisadiyyatında özünü göstərən müsbət meyillər, makroiqtisadi sabitlik hökumət – İqtisadiyyat və Sənaye Nazirliyi, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, iqtisadi strukturlar tərəfindən hazırlanmış proqnozların kifayət qədər əsaslı olmasını təmin etmişdir. Bu baxımdan 2014–2017-ci illər üzrə toplu maliyyə balansı və iqtisadi və sosial inkişaf konsepsiyası barədə sənədləri qeyd etmək istərdim.
2014-cü il üçün nəzərdə tutulmuş ümumi daxili məhsulun artımı Milli Məclisin Sədri hörmətli Oqtay müəllimin qeyd etdiyi kimi, tamamilə qeyri-neft sektoru hesabına olacaqdır. Qeyri-neft sektorunun ümumi daxili məhsulda xüsusi çəkisi 2011-ci ildəki 48,6 faizdən 61,5 faizə yüksələcəkdir. 2017-ci ildə bu rəqəm 72,4 faiz olacaqdır. Belə bir dinamika iqtisadiy-yatın neft sektorundan asılılığının azaldılması barədə müəyyən edilmiş dövlət siyasətinin uğurla həyata keçirilməsini əyani surətdə sübut edir.
Şübhəsiz ki, belə bir dinamika, eyni zamanda, ulu öndər Heydər Əliyevin müəyyən etdiyi neft strategiyasının təntənəsindən xəbər verir. Tam məsuliyyətlə demək olar ki, neftlə zəngin olan Azərbaycandan da çox neft hasil edən ölkələr qeyri-neft sektorunun inkişafına qısa zaman kəsiyində nail ola bilməmişlər.
Hörmətli millət vəkilləri, sizə Hesablama Palatasının rəyi və hökumətin kifayət qədər rəsmi sənədləri təqdim olunmuşdur. Ona görə mən ancaq bəzi məqamlara qısaca olaraq toxunmaq istərdim. Fürsətdən istifadə edib Milli Məclisin İqtisadi siyasət komitəsi və digər komitələri ilə sıx əməkdaşlıq edən və həmişə də Milli Məclisə büdcə haqqında çox sanballı rəy verən Hesablama Palatasının sədri Heydər müəllimə və eyni zamanda, Səlim müəllimə təşəkkürümü bildirirəm. Biz neçə illər bir yerdə işləmişik. Qısa zaman kəsiyində Hesablama Palatasının fəaliyyətində, onun tərəfindən dövlət büdcəsinin qiymətləndirilməsində xeyli dərəcədə müsbət dəyişikliklər əldə edilmişdir.
Azərbaycan dövlətinin maliyyə imkanlarının ildən-ilə artmasında, şübhəsiz ki, iqtisadi strukturların büdcə gəlirlərinin formalaşmasında bilavasitə iştirak edən Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsinin xüsusi rolu var. Ölkədə müasir inkişaf tələblərinə cavab verə bilən vergi sistemi formalaşdırılmışdır və səmərəli vergi siyasəti həyata keçirilir ki, bütün bunlar da ölkənin maliyyə imkanlarının genişləndirilməsi üçün möhkəm baza yaradır. Ötən ildən yerli investisiyalı kommersiya hüquqlu şəxslərin real vaxt rejimində elektron qeydiyyatına başlanmış, vergi və rüsumların internet vasitəsilə ödənilməsi üçün elektron ödəniş sistemi istifadəyə verilmiş, cari ilin əvvəlindən vergi sistemində elektron audit tətbiq edilmişdir.
İqtisadi sahədə əldə olunan uğurlar beynəlxalq reytinq agentliklərinin və mötəbər təşkilatların Azərbaycan iqtisadiyyatı ilə bağlı ildən-ilə yaxşılaşan qiymətləndirmələrində də öz əksini tapmışdır. Ölkəmizdə vergi inzibatçılığının sadələşdirilməsinin və qeydiyyat sahəsində həyata keçirilən islahatların nəticəsi olaraq bu yaxınlarda dərc olunan Dünya Bankının hesabatında “Biznesə başlama” göstəricisi üzrə ölkəmiz 6 pillə yüksələrək 189 ölkə arasında 10-cu yerdə qərarlaşmışdır.
2014-cü ilin dövlət büdcəsinin layihəsində Vergilər Nazirliyi xətti ilə daxilolmaların 2012-ci ilin icrası ilə müqayisədə 1 milyard 76 milyon manat və ya 17,9 faiz, 2013-cü ilin proqnozu ilə müqayisədə isə 702 milyon manat və ya 11,0 faiz artması nəzərdə tutulur.
Növbəti ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə ediləcək transferin məbləğinin 2013-cü illə müqayisədə, yuxarıda qeyd etdiyim kimi, 2 milyard manat və ya 17,7 faiz azalması fonunda ölkədə qeyri-neft sektorunun, o cümlədən regionların, sahibkarlığın, istehsal və emal sənayesinin inkişafı, mövcud vergi potensialının səfərbər edilməsi nəticəsində bu sektor üzrə vergi daxilolmaları 2012-ci ilin faktiki daxilolmalarına nisbətən 1 milyard 13 milyon manat və ya 30,8 faiz artacaqdır.
Maraqlı cəhətlərdən biri ondan ibarətdir ki, Milli Məclis üzvlərinin komitələrdə keçirilən müzakirələr zamanı yerli gəlirlərin artırılması istiqamətində verdiyi tövsiyələr də artıq öz bəhrəsini verməkdədir. Bu gün böyük məmnuniyyətlə qeyd etmək olar ki, Bakıdan sonra artıq Sumqayıt, Mingəçevir, Şirvan şəhərləri, Abşeron və İmişli rayonları da dövlət büdcəsindən dotasiya tələb etməyərək öz gəlirləri hesabına xərclərini ödəyəcəklər. Heç şübhəsiz ki, yaxın vaxtlarda həyata keçiriləcək tədbirlər yerli gəlirlərin daha da sürətlə artmasını təmin edəcəkdir. Yəqin, bu barədə də hörmətli Samir müəllim kifayət qədər ətraflı məlumat verəcəkdir.
Dünyada gedən qloballaşma prosesi şəraitində ölkənin iqtisadi təhlükəsizliyinin və daxili bazarın qorunmasında, Azərbaycan iqtisadiyyatının dünya iqtisadi məkanına inteqrasiya olunmasında gömrük siyasətinin rolu əhəmiyyətli dərəcədə artır və ölkənin sosial-iqtisadi inkişafının təmin olunmasında əsas vasitələrdən birinə çevrilir.
Dövlət Gömrük Komitəsinin xətti ilə təmin edilən daxilolmaların dövlət büdcəsində xüsusi çəkisi 8,2 faiz, mütləq ifadədə 1,5 milyard manat təşkil edəcəkdir. Bu rəqəm 2012-ci illə müqayisədə 25 faiz, 2013-cü ildəkinə nisbətən 9,4 faiz çoxdur.
Eyni zamanda, qeyd etmək istəyirəm ki, Milli Məclis tərəfindən qəbul edilmiş Gömrük Məcəlləsinin tətbiqi ilə əlaqədar olan tədbirlərin həyata keçirilməsi nəticəsində Azərbaycanın gömrük sistemində sözün əsl mənasında böyük kəmiyyət və keyfiyyət dəyişiklikləri baş verir. Azərbaycanın gömrük təşkilatı özünün müasir xidmətləri ilə dünya miqyasında tanınan, seçilən təşkilatlardan sayılır.
Hökumət dövlət büdcəsinin layihəsində xərclərin proqnozlaşdırılması zamanı ölkənin əsas makroiqtisadi proqnoz göstəricilərini, gözlənilən büdcə gəlirlərini və dünyada hələ də davam edən maliyyə-iqtisadi böhranın ehtimal olunan təsirlərini nəzərə almış, bütövlükdə bu prosesə haqlı olaraq ehtiyatlı yanaşmışdır.
İlk növbədə cari, əsaslı və dövlət borcuna xidmətlə bağlı xərclərin səmərəliliyinin təmin olunması vacib sayılmışdır. Dövlət büdcəsinin nəzərdə tutulmuş xərcləri iqtisadi islahatların davam etdirilməsini, dövlətin müdafiə qabiliyyətinin gücləndirilməsini, iqtisadi, ərzaq, ekoloji, enerji təhlükəsizliyini, investisiya və sosial proqramların, xarici borc və öhdəliklərin yerinə yetirilməsini, qeyri-neft sektorunun səmərəli inkişafını, özəlləşdirilmiş müəssisələrin fəaliyyətinin canlandırılmasını, informasiya texnologiyalarının inkişafını, regionların sosial-iqtisadi inkişafının stimullaşdırılmasını təmin edəcəkdir.
Neft Fondundan edilən transferlər hesabına hazırda həyata keçirilən layihələr Azərbaycan dövlətinin iqtisadi müstəqilliyi və milli iqtisadiyyatımızın rəqabətə davamlı olması üçün müstəsna əhəmiyyət kəsb edən layihələrdir.
Bu barədə Prezident İlham Əliyevin andiçmə mərasimində dediyi bir fikri də qeyd etmək istərdim: “Biz ətrafda baş verən hadisələrə baxırıq, izləyirik, dünyada baş verən hadisələrə biganə qalmırıq. Görürük, o ölkələrdə ki iqtisadi müstəqillik yoxdur, o ölkələr şantaj obyektinə çevrilir, o ölkələrə təzyiqlər göstərilir və o təzyiqlər nəticə verir. O ölkələr, demək olar ki, xahiş edən ölkələr sırasındadır.
Azərbaycan heç kimdən heç nə xahiş etməmişdir, etmir və etməyəcəkdir. Biz müstəqil siyasət aparırıq. Müstəqil siyasətin təməlində iqtisadi müstəqillikdir. İqtisadi müstəqilliyin yaradılması mənim üçün Prezident kimi ən vacib məsələlərdən biri idi. Çünki mən 10 il bundan əvvəl çox yaxşı başa düşürdüm ki, əgər biz buna nail olmasaq, Azərbaycan gələcəkdə böyük problemlərlə üzləşə bilər. Dünyada ikili standartlar təcrübəsi artıq heç kimə sirr deyil. Bu barədə daha danışmağa da dəyməz. Çünki bu, bir aksiomadır.
Təsəvvür edin, əgər iqtisadi müstəqilliyimiz olmasaydı, bizə hansı qərarları qəbul etdirərdilər. İqtisadi müstəqillik, güclü ordu potensialı, cəsarətli, birmənalı siyasət, milli maraqlarımızın qorunması – bu amillər bizi problemlərdən qoruya bildi. Azərbaycanın gələcəkdə uğurlu inkişafı üçün bütün bu amillər daha da güclənməlidir”.
Dövlət büdcəsi layihəsində bu tapşırıqlar əsas götürülərək ölkənin iqtisadi inkişaf konsepsiyasında real sektorun strukturunun diversifikasiyası, sənayenin inkişafı ilə bağlı bir sıra tədbirlər nəzərdə tutulub. İlk növbədə Prezident İlham Əliyevin İqtisadiyyat və Sənaye, eləcə də Energetika nazirliklərinin yaradılması barədə sərəncamlarını qeyd etmək istərdim. Hər iki istiqamət Azərbaycan dövləti üçün, iqtisadi müstəqilliyimiz üçün, ölkə iqtisadiyyatının tarazlı, səmərəli struktura malik olması baxımından sənayenin maşınqayırma və digər mütərəqqi sahələrinin yaradılması, habelə qloballaşan dünyada enerji təhlükəsizliyini təmin edən ölkəmizin daha güclü olması üçün vacib məsələlərdən biridir.
Müstəqil Azərbaycanın səmərəli struktura, milli maraqlara cavab verən, rəqabətə davamlı emal sənayesinə malik olması, enerji təhlükəsizliyini təmin edən bir ölkə kimi tanınması Azərbaycan üçün daimi kapital, daimi siyasi mövqe, daimi müstəqillik, daimi gəlir mənbəyidir. Son illərdə dövlət büdcəsindən bu istiqamətlərdə ayrılan vəsaitlərin artması, özəl sektorun da bu işə daha aktiv cəlb edilməsi Azərbaycan iqtisadiyyatının, onun maliyyə resurslarının güclü olması üçün müsbət şərait yaradır. Mən bununla bağlı konkret faktları demirəm, çünki büdcə zərfində bu barədə kifayət qədər məlumatlar var. Hörmətli Samir müəllim, hörmətli iqtisadiyyat və sənaye naziri Şahin müəllim, yəqin, bu barədə məlumatlar verəcəklər.
2014-cü il üçün gəlirlərin 770 milyon manat azaldığı bir şəraitdə sosial sahələrin hər biri üçün artımlar nəzərdə tutulmuşdur. Müdafiə olunmuş maddələr 300 milyon manat miqdarında nəzərdə tutulmuş, təhsil, səhiyyə, elm, mədəniyyət xərcləri artaraq 5 milyard manata çatmışdır ki, bu da 2013-cü illə müqayisədə 10,7 faiz, 2012-ci il göstəricilərinə nisbətən 17 faiz çoxdur.
Dövlət büdcəsində sosial yönümlü xərclərin xüsusi çəkisi 26,6 faiz və ya 2013-cü illə müqayisədə 1,3 faiz bənd çox, mütləq ifadədə 5 milyard 337 milyon manat, yəni 2012-ci ilə nisbətən 597 milyon manat artıqdır.
Çox təəssüf ki, mətbuatda – bir sıra müxalifət qəzetlərində belə bir fikir səslənir ki, sosial yönümlü xərclər azalır və bunu əsaslandırmaq üçün iqtisadi geriliyi kifayət qədər narahatlıq doğuran ölkələrin, o cümlədən bizə qonşu və dost Gürcüstanın statistikasına müraciət edilir. Halbuki Gürcüstanın 2014-cü il dövlət büdcəsinin xərcləri 3,7 milyard manat, yəni Azərbaycan büdcəsi xərclərinin 18,7 faizi həcmində nəzərdə tutulub. Azərbaycanın büdcəsi Gürcüstanın büdcəsindən 5 dəfə, Ermənistanın büdcəsindən isə 6 dəfə çoxdur.
2003-cü ildə Azərbaycanın büdcəsində sosial yönümlü xərclər 54,9 faiz, cəmi 678 milyon manat təşkil edirdi. 2008-ci ildə bu xərclərin xüsusi çəkisi 27,45 faizə enmiş, amma biz sosial yönümlü xərclərə 2 milyard 958 milyon manat vəsait ayırmışıq. 2014-cü il büdcəsində bu xərclərimizin xüsusi çəkisi bir az da aşağı düşərək 26,6 faiz, mütləq rəqəmdə isə 5 milyard 337 milyon manat olub. 2003-cü ildə ölkəmizin əsaslı xərcləri 168 milyon manat olmuş, kənd təsərrüfatına 53 milyon manat, müdafiə xərclərinə cəmi 135 milyon manat ayrılmışdır. 2014-cü ildə bu xərclər müvafiq olaraq 6 milyard 260 milyon manat, 562 milyon manat və 1,6 milyard manat məbləğində nəzərdə tutulmuşdur.
Əgər biz bu faizləri məsələnin mahiyyətinə varmadan saxlasaydıq, Azərbaycanda heç bir inkişaf olmayacaqdı. Bugünkü güclü Azərbaycan iqtisadiyyatı olmayacaqdı. Baza yaradılmasaydı, büdcə nəyin hesabına formalaşacaqdı?
Aparılan iqtisadi siyasət, büdcə siyasəti inkişaf etmiş ölkələr səviyyəsinə çatmaq məqsədi daşıyır. Ona görə də populist, reallığı əks etdirməyən, sistemli təhlilə əsaslanmayan fikirlər qəbuledilməzdir. Təkcə onu demək kifayətdir ki, bu gün Cənubi Qafqazın üç ölkəsinin dövlət büdcəsinin 80 faizi Azərbaycanın payına düşür.
Müstəqilliyin ilk illərində Azərbaycan iqtisadiyyatına o qədər böyük zərbələr vurulmuşdu ki, adambaşına düşən büdcə xərclərinə, o cümlədən sosial xərclərə görə biz xeyli geri qalırdıq. Bu gün isə Azərbaycanda adambaşına düşən sosial xərclər MDB məkanında olan bir sıra ölkələrdəkindən 2–3 dəfə çoxdur. Mən bunları ona görə deyirəm ki, büdcəni təkcə faizlərə görə qiymətləndirmək düzgün deyil. Hər dövrün özünün prioritetləri var.
İqtisadiyyatı güclü olan dövlət sosial sahədə də inkişafı davam etdirir. Cənab Prezidentin andiçmə mərasimində səsləndirdiyi aşağıdakı fikrini sizin nəzərinizə çatdırıram: “Sosial siyasətlə bağlı bizim mövqeyimiz, hesab edirəm ki, məlumdur. Son 10 ilin təcrübəsi deməyə əsas verir ki, cəmiyyətdə bu məsələ ilə bağlı heç bir şübhə yoxdur, olmayacaqdır. Yoxsulluğun azaldılması, yoxsulluq şəraitində yaşayanların yaşayış səviyyəsinin yaxşılaşdırılması və digər sosial proqramlar icra ediləcək. Sosial infrastrukturun yaradılması davam etdirilməlidir. Hələ ki buna böyük ehtiyac vardır”.
Hesab edirik ki, bu tezis hökumətin müvafiq iqtisadi strukturlarının dövlət büdcəsinin sosial parametrlərinə bundan sonra diqqəti daha da artırması üçün əsas verir. Yəqin ki, hörmətli Samir müəllim, eləcə də digər çıxış edənlər 2014-cü ildə sosial sahədə həyata keçiriləcək məsələlərdən ətraflı danışacaqlar.
Müstəqil Azərbaycan üçün, onun keyfiyyətli inkişafı üçün fundamental əhəmiyyət kəsb edən bir məsələ də var ki, o da cənab Prezidentin qeyd etdiyi kimi, iqtisadi artım sürəti ilə əhalinin artım sürəti arasındakı nisbətin gözlənilməsi və bu nisbətə dövlət büdcəsi siyasətində xüsusi yer verilməsidir. Bizim iqtisadi imkanlarımız əhalinin artımını daim üstələməlidir. Bu çox fundamental əhəmiyyət kəsb edən, hökumət strukturları üçün, eləcə də qanunvericilik orqanı üçün çox vacib məsələlərdən biridir ki, biz bütün fəaliyyətimizdə iqtisadiyyat ilə sosial inkişaf arasındakı əlaqəni axtaraq. Ona görə də 2014-cü ilin dövlət büdcəsində sosial siyasətin bütün istiqamətləri üzrə konkret tədbirlər, artımlar nəzərdə tutulmuşdur.
Hökumətin büdcə siyasətində aparıcı yerlərdən birini real sektorun inkişafı tutur. Real sektoru inkişaf etdirmədən, real sektorun strukturunu təkmilləşdirmədən, real sektora müəy-yən dövrlərdə külli miqdarda vəsait ayırmadan, vergi güzəştləri edilmədən, stimullaşdırma mexanizmləri tətbiq etmədən, təbii ki, bu nailiyyətləri əldə etmək çox çətindir.
Konkret misal göstərək. Azərbaycanın kənd təsərrüfatında bu gün çox böyük proseslər gedir, iri təsərrüfatlar yaranır. Büdcədə bu sahə üçün 560 milyon manat dövlət subsidiyası nəzərdə tutulub. Regionların inkişaf proqramına Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə milyard manatdan çox vəsait ayrılıb. Bütün bunlar ona görə edilir ki, ölkənin aqrar təhlükəsizliyi təmin olunsun.
Mən bu gün hökumət üzvlərinin burada olmasından istifadə edərək, xüsusən onu vurğulamaq istəyirəm ki, biz kənd təsərrüfatında iri təsərrüfatların yaradılması məsələsinə daha böyük diqqətlə yanaşmalıyıq. Hesab edirəm ki, hörmətli Eldar müəllim də bu məsələyə toxunacaq. Heydər Əliyevin dahiliyi onda idi ki, torpağı kəndlilərə verdi. Kəndli torpaq mülkiyyətçisi oldu və bu mülkiyyətçi ömür boyu qalacaq. Kooperativlərin yaradılması ilə mülkiyyətçilər dəyiş-mirlər. Həmin mülkiyyətçilər qalırlar. Lakin bu mülkiyyətçiləri iri təsərrüfatlarda birləşdirmək lazımdır ki, onlar dünya bazarına çıxa və orada rəqabətə dözə bilsinlər. Azərbaycanın ekoloji cəhətdən təmiz istehsal olunan məhsullarını dünya bazarına çıxarmaq üçün bizə iri təsərrüfatlar lazımdır.
Hörmətli Baş nazir bu məsələlərdə həmişə çox prinsipial mövqe tutur. İstər sənayedə, istərsə də digər sahələrdə iri təsərrüfatlarımız olmalıdır ki, biz rəqabət mübarizəsində dözümlü olaq. Ona görə gəmiqayırma sənayesi müəssisələrinin, Sumqayıt, Balaxanı və Pirallahı texnoparklarının yaradılması Azərbaycan iqtisadiyyatının inkişafında yeni bir mərhələdir. Bura dövlət büdcəsindən vəsaitlər ayrılır, hökumət dəstək verir. Eyni zamanda, cənab Prezident tövsiyə edir ki, buraya iri şirkətlər, özəl şirkətlər də cəlb olunsun ki, biz dünya miqyasında rəqabətə davamlı bir dövlətə çevrilək. Mən hesab edirəm ki, 2014-cü ilin dövlət büdcəsi bu is-tiqamətdə kifayət qədər material verir.
Dövlət büdcəsi haqqında qanun layihəsində dövlətin büdcə kəsiri məsələsi çox düzgün qoyulmuşdur. Dövlət büdcəsinin 2,5 faiz kəsiri Azərbaycan kimi maliyyə imkanları olan, əmanətləri artan, daxili borclanma üçün kifayət qədər əsası olan ölkə üçün çox məqbuldur. Çünki bu bizə imkan verir, daxili borclanma və əmlakın özəlləşdirilməsindən gələn gəlirlər hesabına büdcə xərclərini artıraq ki, bütövlükdə bir sıra proqramlar üzrə qarşıya qoyulmuş vəzifələrin həllinə nail olaq.
Xarici borc sahəsində vəziyyətimiz bizim böyük tarixi nailiyyətimizdir. Səhər-səhər “Euronews” kanalı xəbər verirdi ki, Yunanıstanın xarici borcu ümumi daxili məhsulun 160 faizini təşkil edir. Azərbaycanda bu indi 10 faizdən də azdır. Biz borc ala bilərik. Bunun üçün bizim kifayət qədər valyuta ehtiyatlarımız, imkanlarımız var. Amma cənab Prezident deyib ki, biz hər işə görə borc almırıq, yalnız perspektivli layihələrə görə borc alırıq ki, innovasiyalı iqtisadiyyat quraq. Ona görə dövlət büdcəsinin layihəsində xarici borcların idarə olunması və onlara xidmətlə bağlı xərclər kifayət qədər əsaslıdır. Azərbaycanın xarici borcu bu gün ümumi daxili məhsulun cəmi 9,3 faizini təşkil edir. Xarici borcun alınmasının bir siyasi tərəfi də var. Biz dünyaya inteqrasiya edirik, milli maraqlarımızı daha sistemli qorumaq naminə ölkələrlə əməkdaşlıq edirik. Ona görə hesab edirəm ki, bu barədə də cənab Prezidentin mövqeyi tamamilə düzdür.
Təbii ki, böyük nailiyyətlərimizlə yanaşı, problemlərimiz də var. Əsas problemlərdən biri məşğulluq problemidir. Biz gərək məşğulluq probleminə diqqəti artıraq, yeni iş yerlərinin yaradılmasını ön plana çəkək. Mən ayrı-ayrı regionlar üzrə gəlirlərin diversifikasiyasını, arada olan fərqlərin aradan qaldırılmasını da xüsusi əhəmiyyətli məsələ hesab edirəm. Bilirsiniz, Azərbaycan hökuməti – İqtisadiyyat və Sənaye Nazirliyi, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi və digər strukturlar bu istiqamətdə böyük işlər görürlər. Təsəvvür edin ki, Azərbaycanın 70 illik tarixində ayrı-ayrı regionlar planlaşdırma obyekti olmurdu. İstənilən nazirlər hökumətin xahişi ilə bu və ya digər rayonlarda filiallar, müəssisələr yaradırdı. Bu proses Heydər Əliyevin vaxtında həyata keçirilirdi və o vaxtlar Azərbaycanın regionlarında maşınqayırma sənayesinin filiallarının yaradılması ilə bilavasitə Artur Rasizadə məşğul olurdu.
Bu gün tamam başqa dövrdür. Azərbaycanın bu sahədə də artıq heç kimdən asılı olmayan müstəqil siyasəti və hər bir region üzrə inkişaf proqramının dövlət başçısı tərəfindən təsdiq olunması əsas verir ki, biz regionların inkişafına diqqəti artıraq, regionlarda daha sürətlə yeni iş yerləri yaradaq.
Miqrasiya axını azalmalıdır. Biz hesabladıq, bəzi sahələr var ki, orada əmək haqqının artımı o qədər də yüksək deyil. Amma bunun üçün bizim kifayət qədər imkanlarımız var. Mənə elə gəlir ki, sizə təqdim olunan materiallar da bu barədə düşünmək üçün kifayət qədər əsas verir. Hər bir sahənin inkişaf yollarının axtarışı üçün orada kifayət qədər materiallar var və biz bunun üçün bütün imkanlardan istifadə etməliyik.
Azərbaycanın idxal və ixracının strukturu təkmilləşdirilməlidir. Çox yaxşı ki, bu il artıq bizim ixracımızın strukturunda qeyri-neft sektoru 9,5 faiz təşkil edəcək. Bu böyük bir addımdır. Əgər biz lazımi şərait yaratsaq, sahibkarlıq fəaliyyətini, marketinq fəaliyyətini gücləndirsək, heç şübhəsiz ki, bu rəqəm daha yüksək olar.
Razılıq hissi ilə qeyd etmək istərdim ki, bu ilin iyul ayında layihəsi cənab Prezident tərəfindən Milli Məclisə təqdim olunmuş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanun qəbul olundu. Sahibkarların hüquqlarının qorunması və onların işinə qanunsuz müdaxilələrin azalması üçün bu çox zəruri bir qanundur. Bu qanunun həyata keçirilməsi, şübhəsiz ki, Azərbaycanda biznes mühitinin yaxşılaşmasına xidmət edəcəkdir.
Azərbaycan artıq neftdən asılılığını azaldır. Eşq olsun Azərbaycan neftçilərinə ki, Azərbaycanın iqtisadi müstəqilliyini qorudular. İndi bizim güclü potensialımız var. Yeni kimya kompleksi, yeni alternativ marşrutlar üzrə boru kəmərləri tikilir. Bunlar Azərbaycanın imkanlarını xeyli genişləndirəcək.
Vaxt vardı, bizi qınayırdılar ki, neft sektorundan çox gəlir götürürsünüz. İndi neft sektorundan gəlirlər azalır. Bu dəfə də müxalifətin mətbuat vasitələri bunu Azərbaycan höku-mətinin zəifliyi, passivliyi kimi qiymətləndirir. Əlbəttə, bu belə deyil. Mən dünən Maliyyə Nazirliyinin rəhbərləri ilə söhbət etdim. 2017-ci ildə Dövlət Neft Fondundan transferin miqdarı bugünkündən xeyli az, yəni 6,5 milyard manat olacaq. Görün, nə qədər inkişaf var. Bu nəyin hesabına olur –qeyri-neft sektorundan vergi daxilolmaları hesabına.
Hörmətli millət vəkilləri, mən vaxtınızı çox almaq istəmirəm. Yekun olaraq onu demək istəyirəm ki, Azərbaycan dövlətinin 2014-cü il üçün nəzərdə tutulmuş dövlət büdcəsi kifayət qədər optimist ruhda və eyni zamanda ehtiyatlı hazırlanmışdır. Dövlət başçısının andiçmə mərasimində müəyyən etdiyi inkişaf istiqamətlərindən hər biri 2014-cü ilin dövlət büdcəsində nəzərə alınmışdır. Belə büdcə ilə Azərbaycan gələcək üçün etibarlı təməl, möhkəm baza yaradır. Mən hesab edirəm ki, Milli Məclisdə onun müzakirəsi və vaxtında qəbulu Azərbaycan iqtisadiyyatının inkişafına, Azərbaycanın qüdrətli bir dövlət kimi bundan sonra da dinamik və keyfiyyətli inkişafına xidmət edəcəkdir. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun, Ziyad müəllim. İndi çıxış üçün söz verilir Azərbaycan Respublikasının maliyyə naziri hörmətli Samir Şərifova. Buyursun Samir müəllim.
S.Şərifov, Azərbaycan Respublikasının maliyyə naziri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, xanımlar və cənablar! 2014-cü il dövlət büdcəsinin əsas göstəricilərini özündə əks etdirən Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının qanun layihəsi Azərbaycan Respublikasının Konstitusiyasına və “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinin müzakirəsinə təqdim olunmuşdur.
Bununla yanaşı, təqdim olunmuş büdcə zərfinə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il büdcəsi haqqında, Azərbaycan Respublikasında 2014-cü il üçün yaşayış minimumu haqqında, Azərbaycan Respublikasında 2014-cü il üçün ehtiyac meyarının həddi haqqında qanun layihələri, habelə Azərbaycan Respublikasının 2014-cü il və gələn 3 il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri, Azərbaycan Respublikasının 2014-cü il və sonrakı il üçün icmal büdcəsinin göstəriciləri, Azərbaycan Respublikasının dövlət borcları və dövlət zəmanəti ilə öhdəliklərinə və 2014–2017-ci illər üçün dövlət investisiya proqramının əsas istiqamətləri barədə məlumatlar da daxil edilmişdir.
Hörmətli millət vəkilləri, 2013-cü ilin 9 oktyabrında ölkəmizdə keçirilən Prezident seçkilərində Azərbaycan xalqının mütləq əksəriyyəti möhtərəm Prezidentimiz cənab İlham Əliyevə dəstək verərək ulu öndər Heydər Əliyevin siyasi-iqtisadi kursunun bundan sonra da davam etməsinə səs vermişdir. Xalqımızın siyasi iradəsini ifadə edən bu seçim, eyni zamanda, Azərbaycanda davamlı inkişaf və tərəqqiyə zəmin yaratmış Heydər Əliyev siyasi kursunun alternativsizliyinin əyani təzahürüdür. Möhtərəm Prezident cənab İlham Əliyevin növbəti 5 ildə də Azərbaycan Respublikasına rəhbərlik etməsi onun 2013-cü ildən bəri ölkə iqtisadiyyatının sürətli inkişafına yönəlmiş sosial-iqtisadi strategiyasının ardıcıl surətdə həyata keçirilməsi üçün möhkəm zəmin yaradır.
2014-cü il və sonrakı 3 il üçün dövlət büdcəsinin layihəsi və icmal büdcənin proqnoz göstəriciləri bu zəmində Azərbaycan xalqının rifahının artması, ölkəmizin beynəlxalq miqyasda qazandığı nüfuz və mövqelərin saxlanıb daha da gücləndirilməsi, müdafiə qabiliyyətimizin və hərtərəfli təhlükəsizliyimizin möhkəmləndirilməsi istiqamətində qəbul olunmuş orta və uzunmüddətli proqramlarda nəzərdə tutulmuş hədəflərə nail olmaq üçün müvafiq maliyyə tə-minatını təqdim edir.
2014-cü il və sonrakı 3 il üçün dövlət və icmal büdcə layihələri hazırlanarkən hasilatın pay bölgüsü layihələri çərçivəsində və Dövlət Neft Şirkətinin xətti ilə neft istehsalının gözlənilən azalma trayektoriyası nəzərə alınmış, bu zaman neft sektorundan əldə ediləcək gəlirlərin tədricən azalmasının iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı hesabına əldə ediləcək əlavə daxilolmalarla əvəzləşdirilməsi vəzifəsi qarşıya qoyulmuşdur.
Büdcə zərfinə daxil olan ortamüddətli iqtisadi və sosial inkişaf konsepsiyasına və proqnoz göstəricilərinə uyğun olaraq 2014-cü ildə ümumi daxili məhsulun real ifadədə artım sürəti 5,2 faiz təşkil edəcək, qeyri-neft sektoru üzrə artım sürəti isə 10 faiz səviyyəsində olacaqdır. 2015–2017-ci illər üçün də oxşar inkişaf ssenarisi, yəni ölkə iqtisadiyyatı üzrə ümumi daxili məhsulun artımının, əsasən, qeyri-neft sektorunun artımı hesabına təmin olunacağı nəzərdə tutulur.
Bu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin prioritet şəkildə ölkənin qeyri-neft iqtisadiyyatını inkişaf etdirməklə 10 ilə ümumi daxili məhsulun iki dəfə artırılmasına dair iki il əvvəl müəyyənləşdirdiyi strateji hədəfin nə qədər düzgün və vaxtında gündəmə gətirildiyini göstərir. 2014-cü il dövlət büdcəsi layihəsində qeyri-neft iqtisadiyyatından əldə ediləcək gəlirlərin artım meyli artıq özünü büruzə verir ki, bu da növbəti ilin büdcəsinin əsas şərtlərindən biridir.
2014-cü il üçün dövlət büdcəsinin gəlirləri 18 milyard 384 milyon manat, xərcləri isə 20 milyard 63 milyon manat məbləğində proqnozlaşdırılır. Dövlət büdcəsinin xərcləri 2013-cü ilə nisbətən 213 milyon manat və yaxud 1,1 faiz artdığı şəraitdə gələn il dövlət büdcəsinin gəlirləri cari illə müqayisədə 775 milyon manat və yaxud 4 faiz azalacaqdır.
2014-cü il dövlət büdcəsinin gəlirlərinin azalmasının əsas səbəbi Dövlət Neft Fondundan dövlət büdcəsinə edilən transfertlərin tədricən azalması xəttinin götürülməsidir. 2013-cü illə müqayisədə bu transfert 2 milyard 13 milyon manat məbləğində azalacaqdır. Mütləq ifadədə növbəti il üçün fonddan dövlət büdcəsinə ediləcək transfert 9 milyard 337 milyon manat təşkil edəcəkdir ki, bu da cari illə müqayisədə 17,7 faiz az deməkdir.
Buna baxmayaraq, Dövlət Neft Fondundan edilən transfert nəzərə alınmadan, əsasən, qeyri-neft sektorundan daxilolmaların artımı hesabına dövlət büdcəsinin gəlirləri cari ilin təsdiq olunmuş proqnozuna nisbətən 15,9 faiz və yaxud 1 milyard 238 milyon manat artımla proqnozlaşdırılmışdır.
Cari illə müqayisədə 2014-cü ildə dövlət büdcəsi gəlirlərinin artımı, əsasən, Vergilər Nazirliyinin (cari ilə nisbətən 702 milyon manat və yaxud 11 faiz çox) və Dövlət Gömrük Komitəsinin (cari ilə nisbətən 130 milyon manat və yaxud 9,4 faiz çox) xətti ilə daxilolmaların artırılması, habelə büdcə təşkilatlarının büdcədənkənar daxilolmaları üzrə 400 milyon manat vəsaitin gəlirlərə daxil edilməsi hesabına təmin ediləcəkdir.
Beləliklə, Vergilər Nazirliyi xətti ilə vergi və rüsumlar və digər yığımlar hesabına 2014-cü ilin dövlət büdcəsinə 7 milyard 102 milyon manat, Dövlət Gömrük Komitəsi xətti ilə 1 milyard 510 milyon manat, sair gəlirlərdən 35 milyon manat vəsait daxil olacaqdır.
Dövlət Neft Fondundan dövlət büdcəsinə edilən transfert nəzərə alınmadan 9 milyard 47 milyon manat məbləğində dövlət büdcəsi gəlirlərinin 78,5 faizi Vergilər Nazirliyindən, 16,7 faizi Dövlət Gömrük Komitəsindən, 4,4 faizi büdcə təşkilatlarının büdcədənkənar fəaliyyətindən, 0,4 faizi isə sair daxilolmaların hesabına təmin olunacaqdır.
2014-cü il dövlət büdcəsinin gəlirlərində qeyri-neft sahəsindən əlavə daxilolmaların nəzərdə tutulması, sözsüz ki, fiskal sahədə ehtiyatların səfərbər edilməsini, vergi borclarının, vergidən yayınma hallarının azaldılması üçün təsirli tədbirlərin görülməsini, vergi və gömrük inzibatçılığının daha da təkmilləşdirilməsini və vergitutma bazasının genişləndirilməsini tələb edəcəkdir.
2014-cü il dövlət büdcəsinin daxilolmaları üzrə fiskal qurumlar üçün müəyyənləşdirilmiş hədəflər, mən deyərdim ki, heç də asan olmayan gərgin zəhmət və çevik fəaliyyət tələb edən, lakin reallığa söykənən və icrası mümkün hədəflərdəndir. Eyni zamanda, qeyd etmək yerinə düşər ki, 2014-cü il dövlət büdcəsində nəzərdə tutulan proqnozlar, heç şübhəsiz ki, dünya iqtisadiyyatında baş verən meyllər və cərəyanlar nəzərə alınmaqla müəyyən edilmişdir.
Bununla yanaşı, nəzərə alınmalıdır ki, 2014-cü il dövlət büdcəsinin gəlirləri üzrə göstəricilər dünya iqtisadiyyatında baş verə biləcək mənfi inkişaf ssenarilərindən əhəmiyyətli dərəcədə sığortalanıb. Həmçinin qeyd olunmalıdır ki, əsasən, Amerika Birləşmiş Ştatları və Çin Xalq Respublikasında müşahidə olunan qlobal iqtisadiyyatdakı canlanma meyilləri ilə yanaşı, ölkəmizin daha fəal və sıx iqtisadi ticarət əlaqələrinin olduğu regionlarda, ələlxüsus Avropada, MDB ölkələrində tənəzzül meyilləri hələ də davam etməkdədir.
2014-cü il dövlət büdcəsinin xərcləri ümumi daxili məhsulun 34,3 faizi həcmində proqnozlaşdırılır ki, bu da 2012-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 2 faiz çoxdur. 20 milyard 63 milyon manat nəzərdə tutulan dövlət büdcəsi xərclərinin 10 milyard 882 milyon manatını cari xərclər (2013-cü ilə nisbətən 887,3 milyon manat və ya 8,9 faiz çox), 8 milyard 401 milyon manatını əsaslı xərclər (2013-cü ilə nisbətən 674,1 milyon manat və yaxud 7,4 faiz az), 781 milyon manatını dövlət borcuna xidmətlə bağlı xərclər (2013-cü il səviyyəsində) təşkil edəcəkdir. Müvafiq olaraq 2013-cü illə müqayisədə 2014-cü ildə cari xərclərin xüsusi çəkisi 3,9 faiz artaraq 54,2 faiz, əsaslı xərclərin xüsusi çəkisi mütənasib şəkildə, yəni 3,9 faiz azalaraq 41,9 faiz təşkil edəcək, dövlət borcuna xidmətlə bağlı xərclərin xüsusi çəkisi isə dəyişməz olaraq 3,9 faiz səviyyəsində qalacaqdır.
2014-cü ildə dövlət büdcəsi xərclərinin 9 milyard 526 milyon manatı və ya 47,5 faizi konkret proqram və tədbirlərin maliyyələşdirilməsi üçün nəzərdə tutulmuşdur. Dövlət əsaslı vəsait qoyuluşu xərci ilə yanaşı, digər məqsədli dövlət proqramlarının və tədbirlərinin maliyyələşdirilməsinə 3 milyard 266 milyon manat vəsait sərf ediləcəkdir ki, bu da cari illə müqayisədə 421 milyon manat və yaxud 14,8 faiz çoxdur.
Funksional istiqamətlər üzrə bu ilə nisbətən 2014-cü ildə sosial müdafiə və sosial təminat xərcləri 14 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq xərcləri 13,9 faiz, elm xərcləri 12,5 faiz, səhiyyə xərcləri 8,4 faiz, təhsil xərcləri 8 faiz, mədəniyyət, incəsənət, informasiya və idman xərcləri 7,5 faiz, müdafiə xərcləri 7,1 faiz, iqtisadi fəaliyyət xərcləri 19 faiz, nəqliyyat və rabitə xərcləri 8,7 faiz, mənzil və kommunal təsərrüfat xərcləri 14,6 faiz artımla proqnozlaşdırılmışdır. 2013-cü ildə əmək haqlarının, pensiyaların və bir sıra sosial ödənişlərin artımı dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan yeni yaradılmış təşkilatların fəaliyyətə başlaması və yeni dövlət proqramlarının qəbulu ilə bağlı 2014-cü ildə dövlət büdcəsinin cari xərclərinin artımına səbəb olmuşdur.
Dünya iqtisadiyyatında tənəzzül meyillərinin davam etdiyi, əsasən, avrozonaya daxil olan ölkələrdə iqtisadi artımın zəiflədiyi, ayrı-ayrı sosial sahələr üzrə ciddi ixtisarların edildiyi bir dövrdə Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev öz məqsədyönlü kursuna sadiq qalaraq ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində silsilə sərəncamları ilə elm və elmi tədqiqat, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, meşə təsərrüfatı, meliorasiya və su təsərrüfatı, müdafiə və hüquq mühafizə orqanlarında çalışanların əmək haqlarını, eyni zamanda, müavinət və təqaüdləri orta hesabla 10 faiz, o cümlədən şəhid ailəsi və Milli qəh-rəman adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təsis etdiyi təqaüdləri müvafiq olaraq 21,2 və 66,7 faiz, minimum əmək haqqını 12,3 faiz, baza pensiyasının məb-ləğini 17,6 faiz artırmışdır. Göstərilən istiqamətlər üzrə maliyyə təminatı üçün 2014-cü ilin dövlət büdcəsində tələb olunan məbləğdə 600 milyon manatdan çox vəsait nəzərdə tutulur.
2014-cü ildə dövlət büdcəsi xərclərinin sosial yönümlülüyü saxlanılmaqla, – bu barədə hörmətli Ziyad müəllim öz çıxışında qeyd elədi, – bu məqsədlə 5 milyard 337 milyon manat vəsait nəzərdə tutulmuşdur ki, bu da cari ilə nisbətdə 299 milyon manat və yaxud 5,9 faiz, 2012-ci ilin faktiki icra göstəricisinə nisbətdə isə 597 milyon manat və ya 12,6 faiz artım deməkdir. Sosial yönümlü sahələr üzrə məqsədli dövlət proqramlarının və tədbirlərin maliyyələşdirilməsi üçün 885 milyon manat vəsait proqnozlaşdırılır. Bu isə cari illə müqayisədə 241 milyon manat və yaxud 37,3 faiz çox deməkdir.
2014-cü ildə sosial müdafiə və sosial təminat xərclərinə aid olan əmək pensiyalarının, sosial müavinətlərin, təqaüdlərin və digər sosial xarakterli ödənişlərin maliyyələşdirilməsinə 1 milyard 649 milyon manat vəsait yönəldiləcəkdir ki, bu da cari ilə nisbətən 109 milyon manat çox deməkdir.
Qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı xərclərin, o cümlədən ərzaq təminatı üzrə müavinətlərin, bir sıra kommunal xərclər üzrə dövlət tərəfindən güzəştli ödənişlərin həyata keçirilməsi üçün 222 milyon manat vəsait nəzərdə tutulmuşdur ki, bu da cari illə müqayisədə 9 milyon manat və yaxud 4,4 faiz çox deməkdir.
Ölkədə vətəndaş cəmiyyətinin inkişaf etdirilməsinin stimullaşdırılması üçün 2014-cü ilin dövlət büdcəsində Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası üçün müvafiq olaraq 3,9 və 4 milyon manat, siyasi partiyaların fəaliyyəti ilə bağlı xərclər üçün isə 2,5 milyon manat vəsait nəzərdə tutulur.
Sosial ipotekanın tətbiqi üçün 2014-cü ilin dövlət büdcəsində cari il səviyyəsində, yəni 40 milyon manat, Naxçıvan Muxtar Respublikasının büdcəsində isə 500 min manat vəsait nəzərdə tutulur.
Dövlətimizin təhlükəsizliyinin və müdafiə qabiliyyətinin gücləndirilməsi üçün müdafiə xərclərinə 2014-cü il dövlət büdcəsi xərclərinin 14,7 faizi həcmində və yaxud 2013-cü ilə nisbətən 1,1 faiz çox vəsait nəzərdə tutulmuşdur.
Növbəti ildə aqrar sektor diqqətdə saxlanılmaqla onun ayrı-ayrı fəaliyyət istiqamətləri və xidmət sahələri üzrə cari xərclərin artımı proqnozlaşdırılmışdır. Məqsədli olaraq “2008–2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın davamlı icrası üçün 131 milyon manat vəsait ayrılmışdır ki, bu da cari illə müqayisədə 4,8 faiz çoxdur.
Ölkədə, əsasən də regionlarda sahibkarlığın inkişaf etdirilməsi, sahibkarlara güzəştli kreditlərin verilməsi üçün maliyyə dəstəyi olaraq 2014-cü ilin dövlət büdcəsindən Sahibkarlığa Kömək Milli Fonduna 150 milyon manat, aqrolizinqin inkişafı üçün 35 milyon manat, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fermerlərə mikrokreditlərin verilməsi üçün Kənd Təsərrüfatı Nazirliyi nəzdində fəaliyyət göstərən Dövlət Kənd Kreditləri Agentliyinə 5 milyon manat vəsaitin ayrılması nəzərdə tutulmuşdur.
Dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə ayrılan dotasiya hesabına muxtar respublikada sahibkarlığın maliyyə ilə dəstəklənməsinə 5 milyon manat, aqrolizinqin inkişafına 2 milyon manat vəsait yönəldiləcək.
Hesablamalara əsasən, 2014-cü ilin əvvəlində Sahibkarlığa Kömək Milli Fondunda 1 milyard 228 milyon manat, Aqrolizinq Açıq Səhmdar Cəmiyyətində 621 milyon manat, Azər-baycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyində 84 milyon manat həcmində aktivlər və maliyyə resursları mövcud olacaqdır.
2014-cü il dövlət büdcəsinin əsaslı xərcləri 8 milyard 401 milyon manat məbləğində proqnozlaşdırılır. Bunun 6 milyard 260 milyon manatı dövlət əsaslı vəsait qoyuluşu proq-ramlarının xərclərini maliyyələşdirəcəkdir.
Növbəti ildə investisiya xərclərindən ölkənin nəqliyyat, energetika, kənd təsərrüfatı, sənaye və digər infrastrukturlarının, sosial-mədəni təyinatlı müəssisələrin tikintisi, əsaslı təmiri, yenidən qurulması və bərpası, regionların, Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının və bir sıra digər proqramlar üzrə layihələrin maliyyələşdirilməsinə vəsait ayrılacaqdır.
2014-cü ildə dövlət borclarının idarə edilməsi, cəlb edilmiş kreditlər üzrə borc öhdəliklərinin vaxtında yerinə yetirilməsi və borclara xidmətlə bağlı xərclər üçün 781 milyon manat vəsait ayrılması nəzərdə tutulur.
Beynəlxalq fəaliyyətlə, beynəlxalq təşkilatlara üzvlük haqları ilə bağlı xərclər üçün 205 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Bu mənbədən Azərbaycan Respublikasının xaricdə olan 57 səfirlik, 5 diplomatik nümayəndəlik, 9 baş konsulluq, cəmi 71 diplomatik nümayəndəliyin saxlanılması üçün 58 milyon manat vəsait ayrılacaqdır. 2014-cü ildə ölkəmizin Avstraliyada və Vyetnamda səfirliklərinin, Latın Amerikasında məhdud tərkibdə nümayəndəliklərinin təsis edilməsi üçün dövlət büdcəsindən maliyyə təminatı nəzərə alınmışdır.
Növbəti ildə 95 ictimai-siyasi təşkilata üzvlük haqlarının, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu 9 beynəlxalq konvensiyada iştirak, 4 maliyyə-kredit təşkilatına abunə yazılışı ilə bağlı 20 milyon manat və Azərbaycan Respublikasının digər beynəlxalq fəaliyyətinin təmin edilməsi üçün 127 milyon manat, o cümlədən xarici dövlətlərə kreditlərin verilməsi üçün 95 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.
Dünya birliyi çərçivəsində nüfuzlu söz sahibinə, bölgənin aparıcı dövlətinə, beynəlxalq tədbirlərin keçirilməsi məkanına çevrilmiş ölkəmizdə və bizim təşkilatçılığımızla xarici ölkələrdə gözlənilən beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi ilə bağlı xərclərin maliyyələşdirilməsinə dövlət büdcəsindən 60 milyon manat vəsait ayrılacaqdır.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurlu iqtisadi siyasətinin və ölkədə bərqərar etdiyi siyasi sabitliyin məntiqi nəticəsi olaraq 2015-ci ildə Azərbaycan Respubli-kasında keçiriləcək xüsusi beynəlxalq əhəmiyyət kəsb edən I Avropa Olimpiadasının təşkili, tələb olunan müvafiq idman obyektlərinin tikintisi, yenidən qurulması və əsaslı təmiri, zəruri avadanlıq və qurğuların alınması və digər hazırlıq işləri üçün dövlət büdcəsindən cari və əsaslı xərclərə vəsait ayrılması nəzərdə tutulur.
2014-cü il üçün xarici dövlət borclanma limiti 2 milyard manat, daxili dövlət borclanma limiti isə 1 milyard 200 milyon manat məbləğində təklif edilib.
 2014-cü il dövlət büdcəsinin tərkib hissəsi olan yerli xərclərə dövlət büdcəsi xərclərinin 8,1 faizi həcmində və yaxud 1 milyard 629 milyon manat vəsait ayrılacaqdır ki, bu da cari illə müqayisədə 115 milyon manat və yaxud 7,6 faiz, 2012-ci ilin faktiki icra göstəricisinə nisbətən isə 383 milyon manat və yaxud 30,7 faiz çox deməkdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkə regionlarının hərtərəfli inkişafına verdiyi dəstək artıq müsbət nəticələrini göstərməkdədir. Belə ki, ilbəil şəhər və rayonların öz gəlirləri artır. Bu hesaba dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən yerli gəlir və xərcləri tənzimləmək üçün ayrılan maliyyə yardımının, dotasiyanın xüsusi çəkisi azalır. 2014-cü ildə ayrılacaq dotasiyanın xüsusi çəkisi 2013-cü illə müqayisədə 1,8 faiz azalaraq 52,1 faiz təşkil edəcəkdir. 2014-cü ildə Sumqayıt, Şirvan şəhərləri və Abşeron rayonu ilə yanaşı, – bunlar artıq iki il ərzində öz gəlirləri ilə xərclərini təmin edirlər, – Mingəçevir şəhəri və İmişli rayonu da yerli xərclərini öz gəlirləri hesabına ödəyəcəklər. Dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən bunlara dotasiya ayrılmayacaqdır.
Bələdiyyələrə maliyyə köməkliyinin davam etdirilməsi üçün 2014-cü ilin dövlət büdcəsindən 5,2 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.
2014-cü ildə dövlət büdcəsinin kəsiri 1 milyard 679 milyon manat məbləğində müəyyən edilmişdir. Büdcə kəsirinin dövlət büdcəsinin vahid xəzinə hesabının ilin sonuna qalığı, xarici və daxili borclanmadan, özəlləşdirmədən daxilolmalar və xarici qrandlar hesabına maliyyələşdirilməsi nəzərdə tutulur.
Hörmətli millət vəkilləri, indi isə icazənizlə icmal büdcənin əsas göstəriciləri barədə qısa məlumatı diqqətinizə çatdırmaq istərdim. Azərbaycan Respublikasının 2014-cü il icmal büdcəsinin gəlirləri 21 milyard 986 milyon manat olmaqla cari ilə nisbətən 1 milyard 257 milyon manat və yaxud 6,1 faiz çox olacaqdır. İcmal büdcənin xərcləri 24 milyard 444 milyon manat məbləğində nəzərdə tutulur.
İcmal büdcəyə aid olan Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlir və xərcləri bərabər olmaqla 2 milyard 929 milyon manat təşkil edəcəkdir. Bu, 2013-cü ilə nisbətən 296 milyon manat və yaxud 11,2 faiz artım deməkdir.
Dövlət Neft Fondunun büdcəsinin xərcləri 11 milyard 292 milyon manat və yaxud 2013-cü ilə nisbətən 17 faiz az nəzərdə tutulur. Dövlət büdcəsinə ayrılan 9 milyard 337 milyon manat transferlə yanaşı, 2014-cü ildə Dövlət Neft Fondunun vəsaitindən digər investisiya layihələrinin maliyyələşdirilməsi üçün 1 milyard 955 milyon manat məbləğində vəsait ayrılacaqdır.
Qaçqınların və məcburi köçkünlərin sosial məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsinə 300 milyon manat, Samur–Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin başa çatdırılmasının maliyyələşdirilməsinə 80,2 milyon manat, Azərbaycan Respublikasının bütün yaşayış məntəqələrinə çıxış imkanı yaradan yüksək sürətli fiberoptik şəbəkənin qurulması layihəsinə 100 milyon manat, Bakı–Tbilisi–Qars dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 132,3 milyon manat, neft-qaz layihələrində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsinə 1 milyard 301 milyon manat ayrılması nəzərdə tutulur.
İcmal büdcənin tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası büdcəsinin gəlir və xərcləri bərabər olmaqla 351 milyon manat məbləğində proqnozlaşdırılmışdır ki, bu da 2013-cü illə müqayisədə 5,4 faiz və yaxud 18 milyon manat çoxdur. Xərclərin 284 milyon manatı dövlət büdcəsindən ayrılan dotasiya hesabına formalaşdırılacaqdır.
2014-cü ildə xarici kreditlər hesabına ölkədə həyata keçirilən bir sıra mühüm infrastruktur və sosial təyinatlı layihələrin maliyyələşdirilməsi üçün 1 milyard 100 milyon manat vəsait sərf ediləcəkdir.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bu gün müzakirənizə çıxarılmış 2014-cü il üçün dövlət və icmal büdcə layihələri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi sosial-iqtisadi kursun ardıcıl surətdə davam etdirilməsini, ölkəmizdə makroiqtisadi dayanıqlığın saxlanılmasını və inkişaf hədəflərinə nail olunmasını maliyyə baxımından təmin edəcəkdir.
Milli Məclisin bugünkü geniş iclasından əvvəl 2014-cü il dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının qanun layihəsi və büdcə zərfinə daxil olan digər qanun layihələri və göstəricilər Milli Məclisin bütün komitələrində ətraflı, konstruktiv şəkildə müzakirə edilib, millət vəkillərinin qaldırdığı çoxsaylı suallar cavablandırılıb.
Hörmətli millət vəkilləri, sizi bunları nəzərə alaraq Azərbaycan Respublikasının 2014-cü il dövlət və icmal büdcə layihələrini və sonrakı 3 il üçün icmal büdcənin göstəricilərini bəyənərək qəbul etməyə çağırıram. Çıxışımın sonunda hər birinizi Konstitusiya günü münasibəti ilə təbrik etmək istərdim. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, Samir müəllim. Söz verilir iqtisadiyyat və sənaye nazirinin müavini xanım Sevinc Həsənovaya. Buyursun.
S.Həsənova, Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye nazirinin müavini.
Hörmətli sədarət, hörmətli cənab Baş nazir, hörmətli millət vəkilləri, hökumət üzvləri! Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən düşünülmüş, praqmatik siyasətin nəticəsi olaraq bu gün Azərbaycan güclü iqtisadiyyata malik və müstəqil siyasət aparan dövlətə çevrilmişdir. Tarix baxımından o qədər də böyük olmayan son 10 il ərzində müstəqil Azərbaycan Respublikası bir çox zirvələri fəth etmiş, o cümlədən BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmiş, kosmosa peyk çıxaran məhdud saylı dövlətlər sırasına daxil olmuş, bazar iqtisadiyyatına keçidi başa çatdırmış, xarici investisiya yatıran, regionun bütün iqtisadi-siyasi məsələlərinin həllində öz sözünü deyən ölkəyə çevrilmişdir.
Azərbaycanın sürətlə artan iqtisadi qüdrətini Azərbaycan Respublikasının hər bir vətəndaşı öz gündəlik həyatında hiss edir. Məhz bunun nəticəsidir ki, oktyabr ayının 9-da keçirilmiş Prezident seçkilərində Azərbaycan xalqı öz iradəsini bir daha ortaya qoyaraq son 10 il ərzində Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında görülən mühüm işlərə öz yüksək qiymətini verdi və cənab İlham Əliyev bu seçkilərdə möhtəşəm qələbə qazandı. Sözsüz ki, cənab İlham Əliyevin yenidən Prezident seçilməsi uğurlu sosial-iqtisadi siyasətin davamlılığını, Azərbaycanın qüdrətinin daha da artmasını təmin edəcəkdir. Bunun sübutu kimi bu gün diqqətinizə təqdim edilmiş büdcə zərfi də çıxış edir.
Hörmətli millət vəkilləri, 2014-cü il üçün dövlət büdcəsi zərfində büdcə layihəsinin formalaşdırılmasını əsaslandıran Azərbaycan Respublikasının 2014-cü il və gələn 3 il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri diqqətinizə təqdim olunmuşdur. Konsepsiya və proqnozlar dünya iqtisadiyyatının inkişaf meylləri, ayrı-ayrı sektorlar üzrə vəziyyətin və perspektiv inkişafın təhlili, ortamüddətli dövrdə iqtisadi potensialın qiymətləndirilməsi və sosial-iqtisadi siyasətin prioritetləri və hədəfləri nəzərə alınmaqla hazırlanmışdır.
2014-cü il və gələn 3 il üzrə iqtisadi və sosial inkişaf konsepsiyasının əsas məqsədi dayanıqlı iqtisadi inkişafa və əhalinin layiqli həyat səviyyəsinə nail olmaqdır. Bu məqsədə çatmaq üçün “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası üzrə müəyyən edilmiş hədəflər nəzərə alınmaqla 2014–2017-ci illər üzrə vəzifə kimi makroiqtisadi sabitliyin qorunub saxlanılması, milli iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi, iqtisadiyyatın diversifikasiyasının sürətləndirilməsi, regionların davamlı və tarazlı inkişafının və ən əsası sosial siyasətin davamlılığının təmin edilməsi müəyyən edilmişdir.
Hazırda dünya iqtisadiyyatının orta müddətdə inkişaf proqnozları beynəlxalq təşkilatlar tərəfindən müsbət dinamikada verilməkdədir. Eyni zamanda, bu proqnozların reallaş-dırılmasında bir sıra risklər də mövcuddur. Belə ki, inkişaf etmiş ölkələrdə iqtisadi artım tədricən güclənsə də, Avrozonada borc problemi, xüsusilə Cənub ölkələrinin tənəzzülü nəticəsində artım aşağı qalmaqda davam edəcəkdir. Çin də daxil olmaqla bir sıra inkişaf etməkdə olan ölkələrdə iqtisadi siklin zirvəsinə çatdıqdan sonra artım templərinin aşağı düşməsi təhlükəsi reallaşmaqdadır. Nəticədə orta müddətdə dünya iqtisadiyyatının artımının proqnozlaşdırılan 4 faizdən yuxarı səviyyəyə çatmaq ehtimalı azala bilər.
Azərbaycanda son illər aparılmış iqtisadi siyasət bu cür mürəkkəb qlobal iqtisadi mühitdə belə makroiqtisadi sabitliyin qorunub saxlanılmasına və davamlı inkişafın təmin olunmasına güclü zəmin yaratmışdır. Belə ki, ölkədə, əsasən, daxili resurslara əsaslanan iqtisadi artım modeli qurulmuş, inflyasiyanın idarə olunan səviyyəsi, manatın məzənnəsinin sabitliyi təmin edilmişdir. Xarici borclanmaya konservativ yanaşma və büdcə kəsirinin minimal həcmi saxlanmışdır.
Son illər insan resurslarının inkişafı istiqamətində atılan addımlar, yaradılmış iqtisadi potensial, o cümlədən əsas kapitala qoyulan böyük həcmli investisiyalar, xarici ticarət balansının müsbət saldosu, strateji valyuta ehtiyatlarının həcmi və dinamikası ümumi daxili məhsulun təklif və tələb komponentlərinin iqtisadi artıma müsbət töhfəsini təmin edəcəkdir.
Proqnozlara əsasən, 2014-cü ildə iqtisadi artım 5,2 faiz, növbəti 3 ildə isə orta illik iqtisadi artım 5,5 faiz təşkil edəcəkdir. Bu dövrdə ölkə iqtisadiyyatının artımı qeyri-resurs sektorunun dinamik inkişafı ilə seçiləcək, bu sektorda neft və qaz sektoruna nisbətən stabil inkişaf dövrü müşahidə ediləcəkdir. Qeyri-neft sektorunun 2014-cü ildə 10 faiz, növbəti 3 ildə isə orta hesabla 8 faizdən çox artması gözlənilir. Nəticədə 2017-ci ildə ümumi daxili məhsulun 72 faizdən çoxu məhz qeyri-neft sektorunda formalaşacaqdır.
Beynəlxalq maliyyə-iqtisadi təşkilatların və neft hasil edən ölkələrin neftin qiyməti ilə bağlı proqnozları təhlil edilmiş və bir barel neftin qiyməti gələn il üçün 100 ABŞ dolları, növbəti 3 il üçün isə daha aşağı və daha stabil səviyyədə 80 dollar qəbul edilmişdir. Növbəti illərdə də manatın məzənnəsinin cari sabitliyi davam etməsi qəbul edilmiş və inflyasiya tempi 3-4 faiz civarında proqnozlaşdırılmışdır.
Hörmətli millət vəkilləri, proqnozlaşdırılan dövr iqtisadiyyatın şaxələndirilməsi, modernizasiyası və rəqabət qabiliyyətinin yüksəldilməsi baxımından olduqca əhəmiyyətli bir dövr olacaqdır. Onlar üçün artıq müvafiq əsaslar yaradılmış və gələn illərdə daha da inkişaf etdiriləcəkdir. Belə ki, ölkədə dövlət tərəfindən geniş infrastruktur quruculuğu həyata keçirilir.
Sahibkarlığın inkişafı üçün münbit mühit formalaşdırılıb və özəl sektorun payı artıq 80 faizi üstələyir. Dövlətin özəl sektora, real sektora, Sahibkarlığa Kömək Milli Fondu və Azərbaycan İnvestisiya Şirkəti kimi birbaşa maliyyə dəstəyi mexanizmləri var. Habelə xarici investisiyaların cəlb olunması və ixracın təşviqinə dəstək göstərən İxracın və İnvestisiyaların Təşviqi Fondu və biznesə texniki dəstək məqsədi ilə Biznes Tədris Mərkəzi geniş fəaliyyət göstərir. Cəlbedici vergi güzəştləri və istehsal üçün tələb olunan müasir infrastruktur təklif edən sənaye və yüksək texnologiyalar parkları yaradılır.
Eyni zamanda, proqnozlaşdırılan ortamüddətli dövrdə regionların sosial-iqtisadi inkişafı, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı, Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı, yoxsulluğun azaldılması və davamlı inkişaf, Azərbaycan gənclərinin xaricdə təhsil və digər dövlət proqramlarının icrası başa çatacaqdır. Dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin icrası, o cümlədən yeni istehsal və xidmət müəssisələrinin yaradılması bütövlükdə iqtisadi inkişafa müsbət təsir göstərməklə regionların və qeyri-neft sektorunun dinamik artımına şərait yaradacaqdır. Təkcə cari ilin 9 ayında regionlarda 260 sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisələri fəaliyyətə başlamış, 480-dən çox müəssisənin isə tikintisi davam etdirilməkdədir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı sənayeləşdirmə siyasətinin nəticəsi olaraq bütövlükdə qeyri-neft sənayesi üzrə 2014-cü ildə 13 faiz, növbəti 3 ildə isə orta hesabla 8,4 faiz artıma nail olunacaqdır.
Kimya sənayesi sahəsində fəaliyyət göstərən müəssisələrin istehsal güclərinin artırılması, onların modernləşdirilməsi və yeni məhsul istehsalına başlanılması, habelə Sumqayıt Kimya Sənaye Parkının yaradılması nəzərə alınaraq 2014-cü ildə bu sahədə 30 faizdən yuxarı, növbəti 3 ildə isə orta hesabla 25 faizdən yuxarı artım proqnozlaşdırılır. Məlumat üçün bildirim ki, çox qısa müddətdə Sumqayıt Kimya-Sənaye Parkı ilə bağlı 20-yə yaxın irimiqyaslı investisiya təklifi daxil olmuş və hazırda 2 rezident müəssisəyə artıq qeydiyyat şəhadətnaməsi verilmişdir.
Tikinti materiallarının istehsalında 2014-cü ildə çox yüksək, 29 faizədək artım gözlənilir. Növbəti 3 ildə isə orta hesabla 8 faizədək artım proqnozlaşdırılmışdır. Burada misal kimi Qaradağ sement zavodunun yeni müasir istehsal xəttinin inşası, eləcə də Norm və Akkord sement zavodlarının tam gücü ilə fəaliyyətə başlamasını qeyd etmək istərdim. Bu da ölkənin sementlə özünü təmin etmək səviyyəsini 2012-ci ildəki 44 faizdən 2015-ci ildə 100 faizə yüksəldəcək, yəni Azərbaycan bu məhsula olan tələbatını tam təmin edəcəkdir.
2014–2017-ci illər ərzində maşınqayırma sənayesinin orta hesabla 10,3 faiz, açılışında cənab Prezidentin iştirak etdiyi gəmiqayırma zavodunun fəaliyyətə başlaması hesabına nəqliy-yat vasitələri istehsalının 2014-cü ildə təqribən 2,2 dəfə, növbəti 3 ildə isə orta hesabla 13,6 faiz artacağı proqnozlaşdırılır.
Sumqayıt Texnologiyalar Parkında yaradılmış müəssisələrin, Bakı bərk məişət tullantılarının yandırılması zavodunun fəaliyyəti və həmçinin Sumqayıt Kimya Sənaye Parkının, Balaxanı Sənaye Parkının, Gəncədə poladəritmə kompleksinin yaradılması bütövlükdə qeyri-neft sektorunun daha da genişləndirilməsinə imkan yaradacaqdır.
Qeyri-neft sektorunun aparıcı sahələrindən olan kənd təsərrüfatı üzrə 2014-cü ildə də stabil artım olacaqdır. Gələn il üçün burada 6 faizədək artım proqnozlaşdırırıq və növbəti 3 ildə 5,4 faizdən çox artım olacaqdır. Bu zaman aqrar sektora dövlət dəstəyi tədbirləri, o cümlədən vergi güzəştlərinin, subsidiyaların verilməsi, aqrolizinq və aqroservis xidmətlərinin göstərilməsi davam etdiriləcək, müasir texnologiyaların tətbiqinə üstünlük veriləcək.
Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair dövlət proqramı ilə müəyyən edilmiş hədəflər nəzərə alınmışdır. Burada hörmətli Ziyad müəllim iri taxılçılıq və heyvandarlıq təsərrüfatlarının yaradılması zəruriliyini qeyd etdi. Cənab Prezidentin iri taxılçılıq təsərrüfatlarının yaradılması barədə tapşırığına əsasən İqtisadiyyat və Sənaye Nazirliyi tərəfin-dən Ağcabədi və Beyləqanda artıq unikal pilot taxılçılıq təsərrüfatı yaradılmışdır. Bu təsərrüfatda bu il rekord həcmdə yüksək keyfiyyətli ərzaq buğdası istehsal olunmuşdur. Hazırda nazirlikdə əlavə olaraq 5 iri taxılçılıq təsərrüfatının yaradılması üzrə tədbirlər aparılmaqdadır.
Hörmətli millət vəkilləri, növbəti illərdə ümumi daxili məhsulun resurs baxımından strukturunun dəyişməsi ilə yanaşı onun daha inkişaf etmiş ölkələrin strukturuna yaxınlaş-dırılması təmin ediləcəkdir. Belə ki, xidmətlər sektorunda artım 2014-cü ildə 7,4 faiz, növbəti 3 ildə isə orta hesabla ildə 8 faizdən çox olmaqla bu sektorun ümumi daxili məhsulda payı 2012-ci ildəki təqribən 30 faizdən 2017-ci ildə 40 faizə çatdırılacaqdır.
Ölkədə turizm infrastrukturunun inkişaf etdirilməsi və turizm xidmətlərinin daha da genişləndirilməsi, regionlarda və Bakıda yeni, müasir standartlara cavab verən mehman-xanaların, Şahdağ qış-yay turizm kompleksinin artıq istifadəyə verilməsi və tarixi abidələrin bərpası kimi tədbirlərin davam etdirilməsi nəticəsində turizm sektorunda orta müddətdə biz ikirəqəmli artım gözləyirik. Bu artım 2014–2017-ci illərdə orta hesabla 22 faiz olacaqdır. Əmək tutumlu sektor kimi, əsasən, regionlarda olmaqla bu, yeni iş yerlərinin yaradılmasına öz ciddi töhfəsini verəcəkdir.
Ortamüddətli dövrdə informasiya və rabitə sektorunun dinamik artımı da davam edəcəkdir. Belə ki, 2014-cü ildə bu sahədə 10,8 faiz, növbəti 3 ildə orta illik 12 faizədək artım gözləyirik. İKT sahəsində yeni xidmətlərin genişlənməsi ilə yanaşı, Azərbaycanın ilk peykinin orbitə çıxarılması və yüksək texnologiyalar parkının yaradılması bu sahənin inkişaf etdirilməsinə geniş imkanlar açır.
Nəqliyyat sektorunda regional və yerli əhəmiyyətli iri infrastruktur layihələrinin reallaşdırılması, o cümlədən Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının istifadəyə verilməsi, TRASEKA və Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizlərində avtomobil yollarının tikintisi və yenidən qurulması, yeni metro stansiyalarının və beynəlxalq hava limanlarının istifadəyə verilməsi ortamüddətli dövrdə nəqliyyat sektorunun artımını sürətləndirəcəkdir. Belə ki, gələn il bu sahədə 4,3 faiz, növbəti 3 ildə isə orta illik 5,7 faiz artım gözlənilir.
Ticarətdə 2014-cü ildə 10 faizədək, növbəti 3 ildə isə 10 faizdən yuxarı orta illik artım, sosial və digər xidmətlərdə orta illik 5 faiz artım proqnozlaşdırılır.
Qeyri-neft ümumi daxili məhsulunun dinamik artımı qeyri-neft ixracının da artmasına müsbət təsir edəcəkdir. Burada ixracın diversifikasiyalaşdırılması ilə əlaqədar Ziyad müəllim çox geniş vurğuladı. Bildirmək istəyirəm ki, aparılan siyasət nəticəsində 2014-cü ildə qeyri-neft ixracı 19 faizdən çox, sonrakı 3 ildə isə orta hesabla ildə 21 faiz artacaqdır. Bu da “Azər-baycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında nəzərdə tutulmuş hədəflərə çatmağa ciddi zəmin yaradacaqdır.
Xarici ticarətin müsbət saldosunun 14-17-ci illər ərzində orta hesabla 15,3 milyard dollar təşkil edəcəyi proqnozlaşdırılır. Ölkənin ödəmə qabiliyyətini müəyyən edən tədiyyə balansı üzrə müsbət meyllərin növbəti illərdə də davam edəcəyini gözləyirik.
Hörmətli millət vəkilləri, ortamüddətli dövrdə ölkə iqtisadiyyatının dinamik inkişafını şərtləndirən əsas amillərdən biri də investisiyalar olacaqdır. Son illərdə zəruri infrastrukturun yaradılması, qanunvericiliyin təkmilləşdirilməsi, elektron xidmətlərin genişləndirilməsi, vergi yükünün azaldılması, sahibkarlıq fəaliyyətinə əsassız müdaxilələrin qarşısının alınması və digər tədbirlər nəticəsində yaradılmış münbit investisiya mühiti nəzərə alınaraq 2014–2017-ci illər ərzində bütün maliyyə mənbələrindən əsas kapitala yönəldiləcək investisiyaların 75,7 milyard manat olacağı proqnozlaşdırılır.
İnvestisiyaların 70 faizdən çoxu daxili mənbələr hesabına təmin ediləcəkdir. Gələn il əsas kapitala investisiyaların 18,4 milyard manat, o cümlədən xarici investisiyaların 5,5 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır. Bunlardan neft sektoruna 5,8 milyard, qeyri-neft sektoruna isə 12,6 milyard manat investisiya yatırılacaqdır. Bütövlükdə 2014–2017-ci illər ərzində dövlət investisiya proqramı çərçivəsində ölkə iqtisadiyyatına 28,5 milyard manat həcmində investisiya qoyuluşları proqnozlaşdırılmışdır.
Proqram çərçivəsində infrastruktur layihələrinin icrasına 20,2 milyard, o cümlədən nəqliyyat sektoruna 7,1 milyard manat yönəldiləcək və bununla da Bakı–Qars, Bakı–Böyük Kəsik dəmir yolları, Ələt–Astara–İran ilə dövlət sərhədi avtomobil yolunun tikintisi, Bakı–Şamaxı və Hacıqabul–Kürdəmir–Yevlax yollarında əlavə iki zolağın tikintisi, Bakı şəhərində və ətrafında bu gün həyata keçirilən bütün layihələr tamamlanacaq.
Respublikanın regionlarında yol infrastrukturunun təkmilləşdirilməsi məqsədi ilə yerli əhəmiyyətli yolların və körpülərin, o cümlədən kənd yollarının yenidən qurulması və əsaslı təmirinə diqqət daha da artırılacaqdır.
Kommunal infrastruktur layihələrinə 4,6 milyard manat investisiya xərcləri ayrılacaqdır. Bununla da respublikanın şəhər və rayonlarının qazlaşdırılması başa çatacaq. Şəhər və rayon mərkəzlərinin su təchizatı və kanalizasiya sistemləri, istilik xətləri və qazanxanaları yenidən qurulacaqdır.
Su ehtiyatları və irriqasiya layihələrinə 1,3 milyard manat ayrılacaq və nəticədə Şəmkir çayı üzərində dəryaçanın, Tovuzçay su anbarının, Samur–Abşeron suvarma sisteminin və digər mühüm meliorasiya və suvarma obyektlərinin tikintisi başa çatdırılacaqdır.
Bu dövrdə energetika və sənaye layihələrinin ümumi dəyəri 7 milyard manat təşkil edəcəkdir. Paylayıcı şəbəkələrin yenidən qurulması, ağır gübrələr zavodunun tikintisi, sənaye və texnoparkların infrastruktur quruculuğu tamamlanacaq, alternativ enerji mənbələrinin mənimsənilməsi sürətləndiriləcəkdir.
Sosial yönümlü layihələrə 5,2 milyard manat vəsait ayrılacaq, o cümlədən məktəb, uşaq bağçası və peşə məktəblərinin təmiri və tikintisi başa çatdırılacaq. Çoxsaylı səhiyyə, idman obyektlərinin, Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin, qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə yaşayış binaları tikilib istifadəyə veriləcəkdir.
Hörmətli millət vəkilləri, əsas hədəfi insan kapitalının inkişafı, əhalinin həyat səviyyəsinin davamlı olaraq yüksəldilməsi olan siyasət öz müsbət nəticələrini sosial sahələrin proqnozlarında da büruzə verməkdədir. 2014-cü ildə orta aylıq əməkhaqqının 5,4 faiz artaraq 480 manatadək, 2017-ci ilə qədər isə 618 manata çatacağı, 2014–2017-ci illərdə əhalinin gəlirlərinin orta hesabla 5,8 faiz artacağı proqnozlaşdırılır. Yaşayış minimumu 2014-cü il üçün 125 manat təklif edilir ki, bu da ölkədə olan orta ailə tərkibinə görə hesablandıqda 590 manat və ya 750 dollardan çoxdur.
Bütün qeyd olunanlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məqsədyönlü, çevik və praqmatik siyasəti nəticəsində həyata keçirilir. Bu siyasət “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında nəzərdə tutulduğu kimi, Azərbaycanı iqtisadi və siyasi cəhətdən inkişaf etmiş, rəqabət qabiliyyətli ölkəyə çevirəcək, davamlı iqtisadi inkişaf və yüksək sosial rifahla səciyyələnən yeni inkişaf mərhələsinə qaldıracaqdır. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, Sevinc xanım. Hörmətli millət vəkilləri, artıq saat yarımdır ki, biz çıxışları dinləyirik. Əgər etiraz eləmirsinizsə, Elman müəllim də etiraz eləmirsə, bu müzakirədən sonra yaranan suallara Siz cavab verərsiniz. İndi Hesablama Palatası sədrinin müavini Adil Məhərrəmova söz verilir. Adil müəllim, Hesablama Palatasının rəyi hamıya paylanıb. Ona görə, xahiş edirəm, rəyinizi bir qədər qısa çatdırın ki, biz, heç olmasa, birinci yarıdan müzakirələrə başlaya bilək. Buyurun.
A.Məhərrəmov, Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini.
Hörmətli cənab Sədr, hörmətli cənab Baş nazir, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! İlk öncə qeyd etmək istəyirəm ki, Hesablama Palatası Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında qanun layihəsinə hazırladığı rəyində xüsusi diqqəti, əsasən, büdcə zərfinə daxil olan sənəd və materialların, habelə təqdim edilmiş ümumi büdcə layihəsinin qanunvericiliyin tələblərinə uyğun tərtib olunmasına, dövlət büdcəsinin əsas parametrlərini şərtləndirən makroiqtisadi mühitin araşdırılmasına, dövlət büdcəsinin gəlir və xərc göstəricilərinin strateji inkişaf proqramlarına və prioritet vəzifələrə uyğunluğunun təhlilinə, ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasında müəyyən olunmuş məqsəd və hədəflər nəzərə alınmaqla büdcənin strukturunun, eləcə də kəsirin maliyyələşmə mənbələrinin təhlilinə yönəltmişdir.
Məndən əvvəlki çıxışlarda 2014-cü ilin dövlət büdcəsinin parametrləri haqqında əraflı və dolğun məlumat verildiyi üçün mən çıxışımda, əsasən, büdcə parametrlərinin əsas xarakteristikası, habelə növbəti ilin büdcə layihəsinin bir sıra məxsusi xüsusiyyətləri haqqında məlumat vermək istəyirəm. Məlum olduğu kimi, son illərdə dünyada baş vermiş qlobal iqtisadi böhranın hələ də tam aradan qaldırılmadığı, ayrı-ayrı ölkələr üzrə qeyri-bərabər artım templərinin müşahidə olunduğu, eləcə də dünya iqtisadiyyatında iqtisadi artım üzrə proqnozların azaldıldığı bir şəraitdə ölkəmizdə həyata keçirilən düşünülmüş və məqsədyönlü aktiv iqtisadi siyasət nəticəsində həm keçən ildə, həm də cari ilin ötən dövründə makroiqtisadi sabitliyin və dayanıqlığın qorunub saxlanılması ilə yanaşı, növbəti illərdə iqtisadi inkişafı təmin edəcək güclü maliyyə bazası yaradılmışdır.
Burada da qeyd edildiyi kimi, iqtisadiyyatın əsas makroiqtisadi göstəricisi olan ümumi daxili məhsul üzrə 2014-cü ilin və sonrakı 3 ilin proqnoz göstəricilərində cari ilin sonuna gözlənilən 4,5 faizlik artımın 2012-ci ildəki artımla müqayisədə 2,3 faiz bəndi çox olması, növbəti ildə bu artımın 5,2 faiz səviyyəsində nəzərdə tutulmaqla daha çox olması, həmçinin 2015–2017-ci illərdə ÜDM-nin 5,8–6 faiz, xüsusilə də qeyri-neft sektorunda daha çox, təxminən 11 faiz həddində proqnozlaşdırılması ölkə iqtisadiyyatında dinamik inkişaf meylinin güclənəcəyini göstərməklə bərabər, ortamüddətli dövr üçün nəzərdə tutulmuş strateji məqsəd və hədəflərə nail olunacağını deməyə əsas verir.
Təqdirəlayiq hal kimi qeyd etməliyəm ki, növbəti il üçün ölkəmizdə nəzərdə tutulan 5,2 faiz iqtisadi artım dünya iqtisadiyyatındakı ümumi artımdan, eləcə də inkişaf etmiş ölkələr və MDB ölkələri üzrə göstəricidən müvafiq olaraq 1,4, 3,1 və 1,6 faizdən də çox olacaqdır ki, bu da əksər ölkələrdə müşahidə olunan məhdud iqtisadi artım imkanları ilə müqayisədə daha böyük əhəmiyyətə malikdir.
Qlobal böhran şəraitində bir çox ölkələrdə daxili istehlakın əsassız olaraq yüksək dərəcədə dəstəklənməsi məhsul istehsalının artımından çox qiymət artımına gətirib çıxardığından hazırda beynəlxalq maliyyə institutları istehlakın stimullaşdırılmasından daha çox investisiya üçün real şəraitin yaradılmasını, habelə büdcə xərclərinin, xüsusilə də investisiya xərclərinin strukturunun təkmilləşdirilməsini və bu sahəyə özəl sektorun daha aktiv cəlb olunmasını tövsiyə edir.
Belə qlobal çağırışlara müvafiq olaraq respublikamızda bütün maliyyə mənbələrindən iqtisadi və sosial sahələrin inkişafına zəruri həcmdə vəsaitin cəlb edilməsinə prioritet vəzifə kimi baxılır və ona görə də cari ilin 9 ayında əsas kapitala əvvəlki ilin müvafiq dövrünə nisbətən 19 faiz çox, o cümlədən daxili mənbələr hesabına ümumi investisiyanın 71,5 faizi həcmində vəsait yönəldilmişdir. Başqa sözlə, daxili investisiya imkanları səfərbər edilməklə bu sahədə xarici mənbələrdən asılılıq riski minimuma endirilmiş, həyata keçirilən müxtəlif təyinatlı layihələr üçün etibarlı maliyyə təminatı yaradılmışdır.
Onu da qeyd etməliyəm ki, növbəti ildə əsas sosial makroiqtisadi göstəricilər üzrə, o cümlədən əhalinin gəlirləri və orta aylıq əmək haqqında da artımlar nəzərdə tutulmuşdur. Bu artımların 2014-cü ildə inflyasiyanın gözlənilən artım səviyyəsindən əhəmiyyətli dərəcədə çox olması ölkəmizdə sosial öhdəliklərin vaxtında və yüksək səviyyədə yerinə yetirilməsi üçün kifayət qədər maliyyə bazasının olduğunu deməyə əsas verir.
Hörmətli millət vəkilləri, bütün bu qeyd etdiklərim dövlət büdcəsinin həcmini mütəmadi artırmağa və uzunmüddətli strateji hədəfləri əldə etməyə imkan verəcək maliyyə təminatını formalaşdırmağa şərait yaratmışdır. Növbəti ildə dövlət büdcəsi xərcləri ilk dəfə olaraq 25 milyard ABŞ dollarından çox nəzərdə tutulmuşdur ki, bu da fiskal siyasətin ümumi iqtisadiyyata aktiv dəstəyi kimi qəbul edilə bilər.
Büdcənin gəlir potensialına uyğun olaraq xərcinin artırılması, fikrimizcə, ilk növbədə dövlətin sosial öhdəliklərinin dolğun yerinə yetirilməsi, həmçinin büdcə sektorunun zəruri həcmdə maliyyə vəsaiti ilə təmin olunması kimi prioritet vəzifələrlə bağlıdır. Ona görə də xərclərin səmərəliliyinin artırılması, büdcə vəsaitlərinin mövcud büdcə məhdudiyyətləri çərçivəsi gözlənilməklə dövlət siyasətinin ən vacib istiqamətlərinin reallaşdırılmasına yönəldilməsi ictimai əhəmiyyət kəsb edən strateji proqram və konsepsiyalarda müəyyən edilən hədəflərin əldə olunması kimi məsələlərin aktuallığını daha da artırır.
Mühüm göstərici kimi qeyd etmək istərdim ki, dövlət büdcəsinin gəlir və xərclərinin ÜDM-dəki xüsusi çəkilərinin son illərdə yüksək səviyyədə proqnozlaşdırılması ənənəsi növbəti ilin büdcə layihəsində də gözlənilmiş, müvafiq olaraq 31,4 və 34,3 faiz həcmində nəzərdə tutulmuşdur. Bununla yanaşı, proqnoz göstəricilərinə uyğun olaraq icra göstəricilərinin də yüksək olması, eyni zamanda, 2013-cü ilin sonuna dövlət büdcəsi gəlirlərinin ÜDM-də gözlənilən nisbətinin 2012-ci ilə nisbətən 3,4 faiz bəndi və xərclərinin müvafiq olaraq 2,7 faiz bəndi çox olacağının nəzərdə tutulmasını Palata büdcə resurslarının iqtisadi aktivliyinin stimullaşdırılması və strateji inkişaf məqsədlərinə nail olmanın əsas maliyyə mənbələrindən birinə çevrilməsi üçün dövlət tərəfindən həyata keçirilən məqsədyönlü fəaliyyət kimi qəbul edir.
Təqdim olunmuş büdcə layihəsinə əsasən növbəti ildə də dövlət büdcəsinin xərclərinin ÜDM-də və eləcə də onun funksional bölmələrinin ümumi büdcə xərclərinə olan nisbətlərində bir sıra mühüm dəyişikliklərin baş verməsi gözlənilir ki, bu dəyişiklikləri dünya ölkələrində qərarlaşmış nisbətlərə uyğunlaşma istiqamətində atılmış növbəti məqsədyönlü addımlar kimi dəyərləndirmək olar.
Dövlət büdcəsi xərclərinin tərkibində cari xərclərin xüsusi çəkisinin daha da artması, habelə sosial yönümlü xərclərə zəruri həcmdə vəsaitin nəzərdə tutulması növbəti ildə də dövlət büdcəsinin sosial yönümlü xarakter daşımasının təsdiqi kimi vurğulanmalıdır.
Xüsusilə vurğulamaq istərdim ki, şəhər və rayonların ərazisində fəaliyyət göstərən və mərkəzləşdirilmiş qaydada vergi uçotunda olan vergi ödəyicilərindən hesablanmış fiziki şəxs-lərin gəlir vergisinin, əmlak və torpaq vergilərinin 2012-ci ildən şəhər və rayonların yerli gəlirlərinə, 2013-cü ildən mənfəət vergisi istisna olmaqla bütün növ vergilərin, növbəti ilin büdcə layihəsində isə bütün növ vergilərin 100 faiz həcmində yerli gəlirlərin tərkibinə daxil edilməsi siyasəti çox mühüm məsələ olan yerli gəlirlərin 2013-cü ilə nisbətən 11,9 faiz çox, 2012-ci ilə nisbətən isə 46,1 faiz çox proqnozlaşdırılmasına şərait yaratmışdır ki, bu da yerli gəlirlərin istər proqnozlaşdırılması, istərsə də icrası mərhələlərində ayrı-ayrı şəhər və rayonların yerli gəlirlərinin real iqtisadi duruma adekvatlıq səviyyəsinin daha da açılmasına müsbət təsir göstərəcəkdir.
Bütün bunların nəticəsində növbəti ilin dövlət büdcəsində mərkəzləşdirilmiş xərclərdən ayrılan dotasiyanın yerli xərclərin tərkibində xüsusi çəkisinin cari illə müqayisədə azalması, habelə daha iki regionun xərclərini özlərinin gəlirləri hesabına həyata keçirməsi nəzərdə tutulur. Bu isə regionların sosial-iqtisadi inkişafına yönəldilmiş dövlət proqramları üzrə həyata keçirilən konkret tədbirlərin real nəticəsi kimi məqbul hesab edilməlidir.
Növbəti ildə dövlət büdcəsi kəsirinin ümumi daxili məhsulda xüsusi çəkisinin 2,9 faiz olması nəzərdə tutulmuşdur ki, bu da beynəlxalq təcrübədə müəyyən edilmiş 3 faizlik həddə uyğun olsa da, maksimum həddə yaxındır. Lakin kəsirin maliyyələşmə mənbələrinin reallığa söykənməsini, eləcə də gəlirlər üzrə müəyyən edilmiş proqnozların, adətən, artıqlaması ilə icra olunmasını və dövlət büdcəsi xərclərinin 100 faiz icra olunmayacağını nəzərə alaraq faktiki icra üzrə həmin göstəricinin daha az olacağını indidən demək mümkündür.
Hörmətli millət vəkilləri, 2014-cü il dövlət büdcəsinin layihəsinə Palatanın rəyində ətraflı təhlil verildiyi üçün büdcə layihəsinin bəzi əsas cəhətlərindən bir neçəsini xüsusi qeyd etmək istərdim. Yeri gəlmişkən onu da vurğulamaq istərdim ki, Palatanın əvvəlki rəylərində verilmiş bir sıra təklif və tövsiyələr hər il olduğu kimi növbəti ilin dövlət büdcəsi layihəsində də nəzərə alınmışdır.
Növbəti ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə transferlərin həcminin əhəmiyyətli dərəcədə 17,7 faiz az nəzərdə tutulması qeyri-neft sektorunun dinamik inkişafı nəticəsində bu sektordan daxilolma imkanlarının genişlənməsi və büdcənin neft sektorundan asılılıq səviyyəsinin azaldılması istiqamətində atılan məqsədyönlü addım kimi dəyərləndirilə bilər. Növbəti ildə də ümumi investisiyanın təxminən 70 faizinin qeyri-neft sektoruna qoyulması nəzərdə tutulmuşdur ki, bütün bunlar əvvəlki illərdə olduğu kimi ölkənin investisiya imkanlarının daha da genişlənməsi və bunun hesabına digər sahələrin də inkişafına müvafiq təminatın yaradılması tədbirləri kimi qəbul edilə bilər.
Büdcə layihəsində investisiya xərcləri üzrə nəzərdə tutulan vəsaitlər, əsasən, başa çatdırılmaqda olan layihələr üzrə proqnozlaşdırılmışdır ki, bu da, fikrimizcə, həmin istiqamət üzrə xərclərin səmərəliliyinin yüksəldilməsinə xidmət edəcəyinə əminlik yaradır. Artıq respublikada infrastrukturun formalaşdırılmasının birinci mərhələsi başa çatdırıldığından gələn ilin büdcəsində infrastruktur və investisiya xərclərinin azaldılması əsaslı hesab edilə bilər və bu baxımdan indiki məqamda bununla bağlı xərclərin azaldılması məqsədəmüvafiqdir.
Növbəti ilin büdcə layihəsində müxtəlif sahələrə dövlət proqramları və tədbirləri üzrə kifayət qədər vəsait nəzərdə tutulmuşdur ki, bu da büdcənin proqramlıq səviyyəsini göstər-məklə bərabər, büdcə tərtibi zamanı şəffaflığın və hesabatlılığın artırılması, habelə büdcə xərclərinin strukturunun daha da təkmilləşdirilməsi istiqamətində müvafiq tədbirlərin görülməsinin göstəricisidir.
Əvvəlki illərdən fərqli olaraq 2014-ci ildə dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar artıq büdcə kəsirinin maliyyələşdirilməsi mənbəyi kimi nəzərdə tutulmamış və 400 milyon manat məbləğində həmin vəsait dövlət büdcəsinin gəlirlərinə aid edilmişdir.
Növbəti ildə xarici dövlət borcu üzrə ödənişlər ümumi dövlət borcuna xidmətlə bağlı xərclərin 89,3 faizini təşkil edir ki, bunun da 70,7 faizinin əsas borc üzrə ödənişlərə yönəl-dilməsi nəzərdə tutulmuşdur. Əsas borc üzrə ödənişlərin xüsusi çəkisinin çox nəzərdə tutulması ölkəmizin iqtisadiyyatının cari və davamlı inkişaf tempinin yüksək olması ilə əlaqədar artıq güzəştli kredit almaq hüququnun verildiyi ölkələr sırasından çıxarılması və bu səbəbdən də Dünya Bankı qrupuna daxil olan Beynəlxalq İnkişaf Assosiasiyası ilə bağlanmış kredit sazişləri üzrə ödəniş qrafiklərinin dəyişdirilməsi və borcların daha tez qaytarılması üçün maliyyə təminatının formalaşdırılması zərurətini yaratmışdır.
Hörmətli millət vəkilləri, hər il olduğu kimi növbəti ilin büdcə layihəsinə rəydə də həyata keçirilən nəzarət tədbirlərinin və aparılan analitik təhlillərin nəticələrinə əsasən Palatanın bir sıra təklif və tövsiyələri, eləcə də digər məqamlar ətraflı öz əksini tapdığından vaxtınızı çox almaq istəməzdim. Beləliklə, növbəti ilin dövlət büdcəsinin proqnoz göstəricilərinin hazırlanmasında ölkə iqtisadiyyatını xarakterizə edən makroiqtisadi inkişaf göstəriciləri əsas kimi göstərilmişdir ki, bu da büdcə layihəsində nəzərdə tutulan proqnozların yerinə yetiriləcəyini deməyə əsas verir.
Bütövlükdə aparılan araşdırmaları ümumiləşdirərək Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilmiş Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında qanun layihəsinin qüvvədə olan qanunvericilik aktlarının tələblərinə uyğun hazırlandığını və təqdim edildiyini demək mümkündür. Palatanın kollegiya iclasının qərarı ilə qanun layihəsinin Milli Məclisdə müzakirə edilməsi tövsiyə olunmuşdur. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Adil müəllim. Hörmətli millət vəkilləri, 20 dəqiqə vaxtımız var. Mən hesab edirəm, müzakirələrə başlamaq lazımdır. Müzakirələrdə çıxış üçün vaxt neçə dəqiqə olsun?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. 10 dəqiqə ilə başlayaq, sonra baxarıq? Yaxşı, hələlik 10 dəqiqədən başlayaq. Buyurun, müzakirələrə yazılın. Leyla Abdullayeva.
L.Abdullayeva. Təşəkkür edirəm, hörmətli Sədr. Hörmətli həmkarlar, hər şeydən əvvəl qeyd etmək istərdim ki, 2014-cü il üçün təqdim edilmiş büdcə layihəsi ilə tanış olmaq, müzakirələr aparmaq üçün Milli Məclis ilə Maliyyə Nazirliyi arasında yüksək səviyyədə dialoq qurulmuşdur. Büdcə layihəsi, Hesablama Palatasının rəyi, büdcə zərfinə daxil olan sənədlər ətraflı və yüksək səviyyədə hazırlanmışdır. Komitə iclasları zamanı konstruktiv müzakirələr getmiş, təklif və qeydlər səslənmişdir. Eyni zamanda, büdcənin ictimai müzakirələrinin aparılması üçün şərait yaradılmışdır. İclaslarımızın da məhsuldar keçəcəyinə və belə bir mühüm sənədin səslənən təkliflər nəzərə alınmaqla qəbul ediləcəyinə əminəm. Ümumi şəkildə qeyd edə bilərəm ki, büdcə müvafiq tələblərə cavab verərək dinamik inkişaf edən ölkə iqtisadiyyatının xüsusiyyətlərini özündə əks etdirməkdədir.
Mən konkret olaraq təmsil etdiyim Sumqayıt şəhəri ilə bağlı bir neçə məsələni qaldırmaq istərdim. Bilirsiniz ki, bu gün Sumqayıt inkişaf edən, quruculuq işlərinin geniş vüsət aldığı müasir bir şəhərdir. Şəhərdə böyük işlər görülür. Cənab Prezident son illərdə dəfələrlə şəhərimizdə olmuş və Bakı standartlarına uyğun şəhər prinsipini irəli sürmüşdür ki, bu gün də bu vəzifə uğurla həyata keçirilməkdədir.
Eyni zamanda, bəzi məsələlər var ki, onlara diqqət yetirilməsi üçün müəyyən maliyyənin ayrılmasına ehtiyac vardır. Çünki şəhərin bunlara maliyyə gücü çatmaz. Birinci olaraq mən “Stansiya Sumqayıt” adlanan yaşayış massivindəki problemləri qeyd etmək istərdim. Onların həllinə mütləq nail olmaq lazımdır.
Burada ciddi problemlərdən biri yol və körpü problemidir. Yolun yenidən çəkilməsinə və ya əsaslı təmirinə ehtiyac vardır. Bu yaşayış massivindən şəhərə 10–15 dəqiqəlik yolu ancaq bir saata dolanaraq getmək mümkün olur.
Nəqliyyatla da bağlı problemlər mövcuddur. Ərazidə bağça və tibb məntəqəsinin açılmasına da ehtiyac vardır. Yaşayış massivində 2500-dən çox əhali yaşayır. İlk tibbi yardım alınması üçün məktəbdə yerləşən tibb məntəqəsinə müraciət edirlər. Nəzərə alsaq ki, məktəbdə yerləşən tibb məntəqəsində lazımi avadanlıqlar çatışmır və o, bir neçə saat fəaliyyət göstərir, bu ehtiyacların ödənilməsinin nə qədər vacib olduğunu görərik.
Əraziyə status verilməsi məsələsinə də baxıla bilərdi. Qəsəbə statusu verərək maliyyələşmə və sair məsələlərin həllinə nail oluna bilərdi. Mən bu yaşayış massivinin problemlərinin nəzərə alınmasını xahiş edərdim.
İkinci məsələ Sumqayıt–Bakı yolunda yaşanan böyük tıxaclarla əlaqədardır. Mütəmadi olaraq bu yolda tıxaclar yarandığı hər birinizə məlumdur. İnkişaf edən ölkəmizdə əhalinin alıcılıq qabiliyyəti artır, əksər insanlar indi avtomobilə malikdir. Eyni zamanda həm Bakı, həm də Sumqayıt böyüyür, gəlib-gedən insanların sayı mütəmadi olaraq artmaqdadır. Belə görünür ki, bu tıxac problemi aktuallığını saxlayacaqdır.
Həm də artıq bir müddətdir ki, Bakı ilə Sumqayıt arasında şəhər statusu almış başqa bir şəhər – Xırdalan şəhəri var. Bütün bunları nəzərə alaraq gələcəkdə Sumqayıt və Xırdalan şəhərlərini, günü-gündən böyüyən Ceyranbatan və Hacı Zeynalabdin Tağıyev qəsəbələrini əhatə edən bir alternativ nəqliyyat sisteminin yaradılması yaxşı olardı. Bu ancaq metro stansiyaları deyil, müasir standartlara cavab verən elektrik qatarları, yerüstü sürət qatarları da ola bilər. Güclü, qüdrətli dövlətimizin maliyyə imkanları buna imkan verir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Əli Hüseynli, buyurun.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli Baş nazir, hörmətli həmkarlar, hörmətli hökumət nümayəndələri! Bu gün Azərbaycanın yeni büdcəsi mühüm bir tarixi dövrdə müzakirəyə çıxarılıb. Bir neçə müddət bundan öncə cənab İlham Əliyev Prezident seçkilərində yenidən qalib gəlmişdir. Bu qalibiyyət həm də hökumətimizin, dövlətimizin, parlamentimizin fəaliyyətinin Heydər Əliyev siyasətinə uyğun olaraq düz istiqamətdə getdiyini göstərir. Cənab Prezidentin hökumətə göstərdiyi etimad, təyin etdiyi yeni nazirlərin məhz hakim partiyanın – Yeni Azərbaycan Partiyasının rəhbərliyində və idarəçiliyində olan şəxslər olması bir daha onu göstərdi ki, ölkə Prezidenti Heydər Əliyev siyasətinə sadiqdir və bu yolu davam etdirəcək.
Hörmətli həmkarlar, bu gün Konstitusiya günüdür və burada çıxış edənlər bir daha bunu xatırlatdılar. Biz də xatırlayırıq ki, 2009-cu ildə Konstitusiyaya referendum yolu ilə edilən əlavələr və dəyişikliklərdən biri də Konstitusiyanın 15-ci maddəsinə oldu. Bu kiçik bir əlavə idi, amma çox əhəmiyyətli idi – ölkənin sosial yönümlü iqtisadiyyatı və sosial dövlət anlayışı. Çox təqdirəlayiq haldır ki, “sosial yönüm” ifadəsi Konstitusiyada, sadəcə, hüquqi bir termin kimi öz əksini tapmadı. Bugünkü büdcə təqdimatları da onu göstərir ki, hökumətimiz, iqtisadi strukturlar Konstitusiyanın bu vacib müddəasına, sadəcə, sözdə yox, həm də əməldə sadiqdirlər. Komitələrdə büdcə müzakirəsi zamanı biz iqtisadiyyatımızın yenə də sosial yönümlü olacağının şahidi olduq. Büdcə vəsaitinin yenə də insanlara, xalqa yönəli olduğunu bir daha görə bildik.
Bununla yanaşı, ayrılan vəsaitlərlə bağlı bir neçə qeydimi sizinlə bölüşmək istəyirəm. Büdcədə mənzil-kommunal sahəsinə hər zaman kifayət qədər böyük vəsait ayrılır. Amma qeyd etmək istəyirəm ki, ölkədə artıq yeni bir Mənzil Məcəlləsi qüvvədədir. Ümumiyyətlə, hesab edirəm ki, mənzil-kommunal sahəsi, onunla bağlı fəaliyyət fundamental bir islahata uğramalıdır. Çünki əgər biz qarşıda Avropa İttifaqı standartlarına uyğun olan bir qanunvericilik və bir ölkə təsəvvür ediriksə, bu sahə də mütləq islahatlara uğramalıdır. Bu baxımdan hesab edirəm ki, mənzil-kommunal sahəsinə ayrılan vəsaitləri daha da azaltmaq və başqa sosial layihələrə istifadə etmək mümkündür.
Son dövrdə təhsil sahəsində həyata keçirilə biləcək islahatların, nəhayət ki, çox dəqiq strategiyası məlum oldu. Ölkə rəhbərliyi tərəfindən təsdiq olunmuş yeni təhsil strategiyası bunun bariz nümunəsidir. Dəfələrlə həm büdcə müzakirəsi zamanı, həm də hökumətin hesabatlarında təhsil, təhsil işçiləri, ümumiyyətlə, bu məsələ daim millət vəkillərinin diqqətində saxlanılır. Biz ənənəvi olaraq belə təsəvvür edirdik ki, təhsilə ayrılan vəsaitin, əmək haqqının artırılması, yeni məktəblərin tikilməsi, yəni bu istiqamət – ancaq maddi dəstək təhsildə vəziyyəti tamamilə düzəldə bilər. Amma ümumi vəziyyət onu göstərdi ki, ümumiyyətlə, təhsillə bağlı yeni bir strategiyaya ehtiyac var.
Çox təqdirəlayiq haldır ki, bu strategiya artıq öz əksini tapıb. Hesab edirəm ki, təhsil sahəsində yeni islahatların yeni bir mərhələsini görməkdəyik. Baxmayaraq ki, bu çox həssas mövzudur, amma müəyyən bir dövrdən sonra mütləq onun nəticələrini görəcəyik.
Bir fikri də sizinlə bölüşmək istəyirəm. Bu barədə hökumətin əvvəlki hesabatlarının birində qeyd etmişdim, amma büdcə ilə bağlı olduğuna görə büdcə müzakirəsində xatırlatmaq istəyirəm. Ölkə Prezidenti İlham Əliyevin ən mütərəqqi islahatlarından biri regionların sosial-iqtisadi inkişafı ilə bağlı oldu. Bu proses 2003-cü ildən vüsət aldı və artıq 10 ildən çoxdur davam edir.
Amma mən xüsusilə vurğulamaq istəyirəm ki, Azərbaycanın dağlıq ərazisinin böyük bir qismi işğal altındadır və təəssüf olsun ki, bu işğal faktoruna görə insanlarımız həm də dağlıq ərazilərdə məskunlaşmaq və dağ şəraitində yaşamaq vərdişlərini də itirməkdədirlər. Yeni təyin olunmuş müdafiə nazirinin bir müddət öncə mətbuatda oxuduğum bir fikrini xatırlatmaq istəyirəm: “Biz dağlıq şəraitdə döyüşlərə hazır olmalıyıq”. Əlbəttə, bu cür müharibə şəraitinə hazır olmaqdan ötrü ilk növbədə dağlıq ərazilərdə məskunlaşmaq və yaşamaq lazımdır.
Bu fikri söyləməklə qeyd etmək istəyirəm ki, məncə, hökumət gələcəkdə büdcə vəsaitlərini yüksək dağlıq ərazilərdə yaşayış məskənlərinin salınmasına da yönəldə bilər. Bu barədə düşünmək lazımdır. Çünki bu həm xalqımızın genofondudur, həm də ekoloji baxımdan daha yaxşı şəraitdir. Başlıcası isə odur ki, Kiçik Qafqazda yerləşən dağlıq ərazilərimizə – Dağlıq Qarabağa qayıtmaq məqsədi bizdə qətidir, amma bundan ötrü insanlarımız o yaşam tərzini gərək unutmasınlar.
Son olaraq qeyd etmək istəyirəm ki, komitələrin büdcə ilə bağlı birgə müzakirəsində millət vəkillərinin, komitə sədrlərinin söylədikləri fikirlərə hökumət nümayəndələri, o cümlədən hörmətli Samir müəllim münasibət bildirdi, çox peşəkar və dəqiq cavablar verdi. Həqiqətən, komitələrdə çox geniş və effektiv müzakirələr oldu. Bu da müsbət haldır ki, artıq komitə müzakirələrində millət vəkilləri bir çox sualların cavablarını ala bildilər.
Bu baxımdan mən hesab edirəm ki, parlamentdəki müzakirələr də büdcənin müdafiə olunması istiqamətində olacaq. Mən hörmətli millət vəkillərini hökumətin təqdim etdiyi yeni büdcəni dəstəkləməyə dəvət edirəm. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun, Əli müəllim. Musa Qasımlı.
M.Qasımlı. Hörmətli cənab Sədr, hörmətli cənab Baş nazir və hörmətli hökumət üzvləri, hörmətli millət vəkilləri! Mən təqdim edilən büdcə layihəsini müsbət hesab edirəm. Çox yaxşı haldır ki, ölkəmizdə büdcə formalaşdıran, hazırlayan mütəxəssislər yetişib. Büdcəmizin həm xalqımızın rifah halının yaxşılaşdırılmasına, həm də dövlətimizin güclənməsinə yönəli olması müsbət qiymətləndirilməlidir. Hər şeydən əvvəl bu il 2013-cü il büdcəsinin davamlılığı, dünyada baş verən böhranlardan kənar qalması, heç şübhəsiz, cənab Prezidentimizin rəhbərliyi altında ölkədə yürüdülən siyasətin konkret nəticəsidir.
Mən bir neçə məsələ barəsində çox qısa olaraq fikirlərimi bildirmək istəyirəm. Birinci, büdcədə elm üçün nəzərdə tutulan xərclər. Elm üçün nəzərdə tutulan xərclərin əvvəlki illərlə müqayisədə artması, xüsusən keçən illə müqayisədə 12,5 faiz artması müsbətdir və hesab edirəm ki, elmimizin inkişafına yönəli bir addımdır. Burada xüsusən elm təyinatlı infrastrukturların yaradılmasına büdcədə vəsaitin ayrılması əhəmiyyətlidir. Çünki o infrastrukturlar olmadan elmin inkişafı çox çətinliklərlə üzləşə bilər.
Mən çox hörmətli Baş nazirimizin və müvafiq struktur rəhbərlərinin burada olmasından istifadə edərək bir məsələni nəzərinizə çatdırmağı vacib hesab edirəm. Əgər elmimizə sağlam rəqabət gəlməsə, dövlət büdcəsindən nə qədər vəsait ayrılsa belə, bizim elmimiz inkişaf eləməyəcək. Elmimizə sağlam rəqabət gəlməlidir. Bunun standartları, meyarları müəy-yənləşdirilməlidir. Qabaqcıl ölkələrin təcrübəsindən istifadə etmək lazımdır. Mən hesab edirəm ki, büdcə məsələlərində bu, nəzərə alınmalı idi. Bu bizim ümumi işimiz üçün faydalıdır.
Toxunacağım ikinci məsələ təhsillə bağlıdır. Təhsilə dövlətimizin diqqəti burada da öz əksini tapıb. Xüsusən 2013-cü illə müqayisədə bu il təhsilə ayrılan xərclərin 8 faiz artırılması müsbətdir. Burada iki məqamı əhəmiyyətli hesab edirəm – birinci, istedadlı uşaqlar, gənclər üçün xüsusi vəsaitlərin, xərclərin ayrılması. Bu, dövlətimizin istedadlılara qayğısını göstərər və hesab edirəm ki, bu maddənin, bu bəndin bizim televiziyalarda, kütləvi informasiya vasitələrində təbliğinə ehtiyac var.
Digər bir məsələ – xarici ölkələrin elm mərkəzlərində azərbaycanşünaslıq və Xəzər hövzəsi regionu ilə bağlı araşdırmaların aparılmasına vəsaitin ayrılması. Ola bilsin ki, bu indi kimlərsə tərəfindən yaxşı qiymətləndirilməsin, amma strateji baxımdan Azərbaycanın beynəlxalq mövqelərini möhkəmləndirən bir addımdır.
Mən bir sıra məsələlərlə bağlı təkliflərimi söyləmək istəyirəm. Birincisi, dövlətimiz, hökumətimiz yeni məktəblər tikir və bu gün ucqar dağ kəndlərində də müasir avadanlıq və tex-nologiyalarla təchiz olunmuş məktəblər var. Amma hesab edirəm ki, çox hörmətli təhsil nazirimiz təhsilə keyfiyyətin gəlməsi barədə düşünməlidir. Bizim təhsilimizə keyfiyyət gəl-məlidir. Bu məsələ, mənə elə gəlir ki, ciddi nəzərə alınmalıdır.
İkinci, mən çox istərdim ki, universitetlərimiz kampus sisteminə keçirilsin, bunu hökumət eləsin. Qoy hər bir universitetin xaricdəki kimi ayrıca kampusu olsun, xaricdən tələbələr gəlib burada təhsil alsınlar və Azərbaycan büdcəsinə vəsait daxil olsun, eyni zamanda, həmin şəxslər Azərbaycanın səfirləri olsunlar. Mənə elə gəlir, büdcədə bu məsələlər də nəzərə alınmalı idi.
Sonra, burada ən vacib məsələlərdən biri də uşaqlarla bağlıdır. Mən bunu hörmətli Oqtay müəllimdən xahiş elədim, hörmətli Baş nazirimizdən də xahiş edirəm. Evdə uşaqlarımız, nəvələrimiz hansı televiziyalara baxırlar. Azərbaycanda hökmən uşaq televiziyası yaradılmalıdır. Bu qoy AzTV-də olsun, bunu özəl kanallar şəklinə salmaq olmaz. Bu, AzTV-nin nəzdində olmalıdır. Mənə elə gəlir, hökumət bununla bağlı fikirləşməlidir. Bu strateji bir məsələdir. Hansı mədəniyyət, hansı informasiya məkanı gəlib Azərbaycana girir? Hökumətin bunu düşünməsini mən çox xahiş edərdim.
Sonda çox hörmətli Baş nazirdən iki məsələ ilə bağlı xahiş edirəm. Sumqayıtda çoxlu yataqxana var. O yataqxanalarda – kiçik bir otaqda bir-iki nəfər əvəzinə bəlkə 10 nəfər qeydiyyata alınıb. Amma bu çoxlu problemlər gətirir və gələcəkdə ola bilsin ki, hökumət bu yataqxanalarla bağlı hansısa bir proqram işləyib hazırlasın. Doğrudur, Sumqayıt dövlət büdcəsindən maliyyələşmir, amma hökumət Sumqayıtdakı yataqxanalarla, mənim bəzən açmaq istəmədiyim məqamlarla bağlı düşünməlidir.
Nəhayət, sonuncu məsələ. Hamınız gözəl bilirsiniz, yerlərdə hakimiyyətin nümayəndələri ərazi nümayəndələridir. Bu yaxınlarda – sentyabrın axırı, oktyabrın əvvəllərində kənd yerlərində oldum. Onların binalarının nə kökdə olduğunu bir daha gördüm. Ərazi nümayəndələrinin binalarının əksəriyyəti dağılmış haldadır. Bunlar hakimiyyətin rəmzidirlər. Hökumət bunu büdcəyə salmalıdır. Dağ kəndlərinə yollar çəkilir, o kəndlərdə məktəblər tikilir. Amma orada hakimiyyəti təmsil edən ərazi nümayəndəliyinin binalarıdır. Mən istərdim ki, büdcədə bununla bağlı müəyyən müddəalar öz əksini tapsın.
Hesab edirəm ki, bu büdcə çox yaxşı tərtib edilib, ölkəmizin daha da güclənməsinə, dövlətimizin qüdrətli olmasına, xalqımızın daha da yaxşı yaşamasına yönəlib. Mən millət vəkillərini bu büdcəyə səs verməyə dəvət edirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Fasilə elan edilir.

(FASİLƏDƏN  SONRA)

Sədrlik edən. Müzakirələri davam etdiririk. Buyursun Fərəc Quliyev.
F.Quliyev. Hörmətli sədarət, cənab Baş nazir və hökumət üzvləri, hörmətli həmkarlarım! Mən 2014-cü il dövlət büdcəsi haqqında qanun layihəsi barədə fikirlərimi, builki büdcənin fəlsəfəsi haqqında mülahizələrimi hörmətli parlament və hökumətlə bölüşəcəyəm.
Büdcə formalaşmasının istinad sənədləri, əsasən, 2008–2015-ci illərdə Azərbaycan Respublikasında bir çox sahələrdə davamlı inkişaf üzrə dövlət proqramlarıdır. Bu sənədlərdə prinsipcə çox əhəmiyyətli məsələlər nəzərdə tutulub və bir çox suallar aktualdır. Məsələn, ölkə iqtisadiyyatının diversifikasiyası qaneedici həddədirmi? Qeyri-neft sektorunda inkişafın müşahidə olunmasına baxmayaraq, büdcəmizin hələ də neftdən asılılığı bizi narahat etməməlidirmi? Dövlət büdcəsindəki profisit nəyin hesabınadır? Tam məşğulluğa, gəlirlərin ədalətli bölünməsi hədəfinə çatılıbmı? Əhalinin layiqli həyat səviyyəsi təmin olunubmu? Bu suallar aktualdır.
Hörmətli Baş nazir və hökumət üzvləri! Siz hesab etmirsinizmi, sosial ipoteka üçün 40 milyon manat azdır və bu vəsait artırılmalıdır, yaxud yoxsulluqla mübarizə siyasətinin həyata keçirilməsi nəzərdə tutulursa, ehtiyac meyarı, yaşayış minimumuna yanaşma dəyişməlidir?
Minimum əmək haqqının, pensiyaların minimum məbləğinin, yaşayış minimumu həddinin artırılması çox vacibdir. Bugünkü büdcə siyasətində ehtiyac meyarını yaşayış minimumuna çatdırmaq siyasəti yürüdülür. Amma nisbi yoxsulluq siyasətinin yürüdülməsi, məncə, daha vacibdir. İstehlak səbəti ilə bağlı vergilərdə uyğunlaşma aparılmalıdır. Bir neçə rayon və şəhər mərkəzi xərclərdən azad olunubdur, amma əyalət siyasəti kompleks tədbirlərlə gücləndirilsə, aqrar sektora daha çox üstünlük verilsə, daha çox rayon və şəhər mərkəzi xərclərdən azad olunar və qənaət olunan vəsait ehtiyaclı sahələrə yönəldilər.
Siz hesab etmirsinizmi, əlillərin sosial infrastrukturdan maneəsiz istifadəsi təmin olunmalı və müavinətləri artırılmalıdır? Kölgə iqtisadiyyatına yönəli bir siyasət hazırlanmalıdır. Dövlətin maliyyə nəzarətindən sürüşüb çıxan, buna baxmayaraq, bazarın doymasında əhəmiyyətli rol oynayan gizli biznesin aktivliyini aradan qaldırmağın vaxtıdır. Vergidən yayınanların vergiyə cəlb edilməsi üçün təxirəsalınmaz tədbirlərin görülməsi də çox vacibdir.
Dəyərli hökumət üzvləri, milli iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi istiqamətində müəyyən işlər görülür, amma yeni məhsulların ixrac imkanlarının genişlən-dirilməsinə ehtiyac vardır. İdxal-ixrac əməliyyatları üzrə müsbət saldonu qeyri-neft məhsulları hesabına əldə etmək lazımdır. Dövlət–bazar–mülki cəmiyyət düsturunun tətbiqi, sosial yönümlü siyasətin pozitiv nəticələrinin gerçək ifadəsi olan həyat tərzinin təmin olunması çox zəruridir.
Bankların dayanıqlığının və likvidliyinin aşağı olması məlumdur. Banklarda daxili ehtiyatlanma siyasətinin formalaşması mütləq gerçək olmalı və geçikdirilməməlidir. Azərbay-canın dövlət ehtiyatlarının bir hissəsinin ölkəyə gətirilməsi bir çox səbəblərdən çox vacibdir. Dövlət–sahibkar münasibəti real həyatda sahibkarlığın inkişafına xidmət etməlidir. Kommunal sektorun idarəetməyə verilməsi bu il də reallaşmadı. Biz bu məsələni keçən il də qaldırmışdıq. Söhbət istilik təchizatı, elektrik enerjisi ilə qaz sektorundan gedir ki, dövlət mülkiyyəti özündə saxlamaq şərti ilə bu sektoru özünüidarəetməyə verməli idi. Bir çox respublikalarda bu artıq olunubdur.
Milli Məclisin ehtiyat fondunun yaradılmasına ehtiyac vardır. Mən bu haqda Milli Məclisdə məsələ qaldırmışam və hesab edirəm ki, bu məsələ aktuallığını saxlayır. Milli Məclisin əvvəldən nəzərdə tutulmayan tədbirlərinin keçirilməsi, xüsusilə parlamentlərarası dostluq qrupları ilə işində daha üstün fəaliyyət göstərməsi, deputatlara bu fonddan limitin ayrılması və yerlərdə hesabata söykənən fəaliyyətin gücləndirilməsi üçün bu çox vacib bir məsələdir.
Başqa bir məsələ siyasi partiyaların dövlət tərəfindən maliyyələşdirilməsi ilə bağlıdır ki, bu çox mütərəqqi bir haldır. Amma etiraf edək ki, ayrılan vəsait çox kiçik vəsaitdir. Bu haqda dəfələrlə hökumət qarşısında məsələ qaldırılıb. Amma çox təəssüf ki, bu nəzərə alınmayıb.
Ölkədə müəllimlərin, həkimlərin maaşları acınacaqlı vəziyyətdədir və bu sahədə çalışanların maaşlarının əhəmiyyətli dərəcədə artırılması çox vacibdir. Bütün bunlar təklif olunan büdcə layihəsinə mənim münasibətimdir.
Amma məni daha çox 2014-cü il dövlət büdcəsi haqqında qanun layihəsinin fəlsəfəsi narahat edir. Bu nədən ibarətdir? Mövcud sənəd müharibə vəziyyətində olmayan bir ölkə üçün hazırlansaydı, passiv yanaşmaları göstərməklə, müəyyən çatışmazlıqları, iradları bildirməklə, müəyyən təklifləri verməklə büdcə haqqında mülahizələri tamamlamaq olardı. Amma biz iradəmizdən asılı olmayaraq müharibə vəziyyətindəyik.
Builki büdcəmiz Qarabağ büdcəsi, bu il Qarabağ ili elan olunsaydı, daha məntiqli olardı. Bütün sahələrdən vəsaitlərin kəsilib Qarabağ məqsədli təyinatla verilməsini bütün xalq sevə-sevə qarşılayardı. Mən hesab edirəm ki, 1 il hər kəs bütün məhdudiyyətləri qəbul edər, qələbədən sonra azad edilmiş 20 faiz torpaqların yeraltı və yerüstü sərvətləri ilə xalqın kəsilmiş vəsaiti artıqlaması ilə özünə qaytarılardı. Bu sərvətlərin hesabına 20 faiz büdcəmiz gələn dəfələr də artıqlaması ilə formalaşdırılardı və həm də bu formalaşma artıq qeyri-neft sektorunun hesabına olardı. Nəhayət, işğala son qoyulmalıdır və son deyilməlidir.
Ölkə Prezidenti inauqurasiya mərasimində milli maraqları önəmsəyən, iç güclərə söykənən ciddi bir proqramla çıxış etdi, son müharibədə və tarixən itirilmiş torpaqların qaytarılması kimi yaxın və uzaq hədəfləri göstərdi. Hökumətin fəaliyyəti, 2014-cü il büdcəsinin fəlsəfəsi bu konsepsiyadan qaynaqlanmalı idi.
Dövlətin siyasətinin reallaşması büdcə siyasətində öz əksini tapmalıdır. İşğal altında olan ərazilərimizin azad olunması istiqamətində büdcə siyasətini formalaşdırmaq hökumətin fəaliyyət prioriteti olmalıdır. Biz problemləri həll etmək üçün problemlərin üzərinə getməliyik. Bunu daha sonraya saxlamaqla heç nə əldə etmək mümkün deyil. Belə bir büdcə mütləq formalaşdırılacaqdır. Bu nə qədər tez olsa, bir o qədər Azərbaycanın xeyrinə olacaq. Mən buna inanıram. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Rafiq Məmmədhəsənov.
R.Məmmədhəsənov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri və hökumət üzvləri! Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında millət vəkillərinə təqdim olunmuş bu sənəd “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq ölkəmizin orta və uzunmüddətli prioritetlərini özündə birləşdirən dövlətin iqtisadi və siyasi kursu, eləcə də dövlət əhəmiyyətli məsələlər üzrə qəbul edilmiş dövlət proqramlarının maliyyə təminatı nəzərə alınmaqla tərtib olunmuşdur. Ona görə də bu sənədin tərtib olunmasında zəhməti olanların hamısına təşəkkür edirəm.
Elm, təhsil, səhiyyə, mədəniyyət və digər yaxın sahələrə büdcədən kifayət qədər vəsait ayrılmışdır. Büdcənin 130 milyon manatdan çoxu elmi xərclərə ayrılmışdır ki, bu da büdcənin təxminən 0,7 faizini təşkil edir. Xarici ölkələrlə müqayisədə bu rəqəm azdır. Amma onu da qeyd etmək lazımdır ki, son 5 ildə elmə ayrılan vəsait xeyli artmışdır. Təhsil xərcləri cari illə müqayisədə 8 faiz, səhiyyə xərcləri isə 8,4 faiz artırılmışdır.
Səhiyyə xərclərində on xüsusi dövlət proqramına kifayət qədər vəsait ayrılmışdır ki, bu da yaxşı haldır. Bunlar şəkərli diabet xəstələrinə, xroniki böyrək çatışmazlığı, hemofiliya, talassemiya, irsi qan xəstəlikləri olan xəstələrə yardım, onkoloji xəstələrin şişlər əleyhinə dərman preparatları ilə təminatı, yoluxucu xəstəliklərin profilaktikası, ana və uşaqların sağlamlıqlarının qorunması, vərəmlə mübarizə və sair proqramlardır. Onu da qeyd etmək lazımdır ki, 2013-cü ildən başlayaraq ilk dəfə dağınıq skleroz xəstəliyinə tutulmuş insanların müalicəsi üçün də vəsait ayrılmışdır. Ümumiyyətlə, demək istəyirəm ki, 2014-cü ilin büdcə layihəsi sanballı hazırlanmışdır, investisiya və sosial yönümlüdür və mən bu büdcəyə səs verəcəyəm.
Bir qədər də seçildiyim bölgələr haqqında demək istəyirəm. Gədəbəydə böyük bir körpü problemi var idi, uçub-dağılmışdı. Bu problem barədə cənab Prezidentə məruzə ediləndən sonra uzunluğu 30 metr, eni 10 metr, hündürlüyü 15 metr olan körpü yenidən tikildi və istifadəyə verildi. Eyni zamanda, qeyd etmək istəyirəm ki, bu il də həmin böyüklükdə körpü Gədəbəyin Arıqdam yolunda tikilib istifadəyə verildi və körpünün açılışında cənab Prezident şəxsən iştirak etdi. Bunlardan başqa, qızıl zavodunun ikinci hissəsi, aşıqlar evi və qida sənaye kompleksi də istifadəyə verildi. Gədəbəydə daha bir problem uzunluğu 150 kilometr olan Gədəbəy–Qaravəllər yolu ilə bağlı idi. Prezidentin göstərişindən sonra bu yolda da aparılan işlər artıq başa çatmaq üzrədir. Bütün bunlara görə mən də, seçicilər də cənab Prezidentə minnətdarıq.
Bildiyiniz kimi, Gədəbəy və Tovuz sərhəd rayonlarıdır. Gədəbəyin ermənilərlə 123 kilometr sərhəd zolağı vardır. Cənab Prezidentin Gədəbəy və Tovuz rayonlarının 2013-cü ilin axırına qədər qazlaşdırılması haqqında sərəncamı var. Lakin bu vaxta qədər Gədəbəyin Şınıx bölgəsinin 26 kəndindən yalnız 6-sı qazlaşdırılıb. Eləcə də Tovuzun dağ kəndlərinin qazlaşdırılması aparılmır. Məktəblər tikilir, istifadəyə verilir, işığı var, suyu var, lakin qazı yoxdur. Bu haqda fikirləşmək lazımdır. Ona görə də o kəndlərin sakinləri qışda Bakıya, Gəncəyə – qohumlarının yanına köçməli olurlar. Kəndlərdə əhalinin il boyu yaşaya bilməsi üçün hökumətdən o kəndlərin qazlaşdırılmasını xahiş edirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Əli Məsimli buyursun.
Ə.Məsimli. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli deputat həmkarlarım, hörmətli hökumət nümayəndələri, media mənsubları! 2014-cü ilin büdcəsi bir sıra cəhətlərinə görə özündən əvvəlki büdcədən fərqlənir. Birinci fərq ondan ibarətdir ki, indiyədək Azərbaycan büdcəsinin artım sürəti ümumi daxili məhsulun artım sürətindən, adətən, bir neçə dəfə çox olub. Bu dəfə Azərbaycan büdcəsinin gəlirləri 4 faiz azalır, xərclər isə cəmi 1,1 faiz artır, bu da ümumi daxili məhsulun 5,2 faiz artımından geri qalma deməkdir.
İkinci fərq ondan ibarətdir ki, Azərbaycanın gələnilki büdcəsinə Dövlət Neft Fondundan ayrılan vəsait çox əhəmiyyətli dərəcədə, 2 milyard manata və ya təqribən 18 faizə qədər azalır. Bütün bunlarla yanaşı, Azərbaycanın gələnilki büdcəsini həm də yeni dövrün büdcəsi kimi xarakterizə etmək olar. Belə ki, artıq iki amil burada təsirini azaldacaq – birinci, neft hasilatının sürətlə artması, ikinci isə neftin qiymətinin artması.
Bu iki amilin təsirinin azalması neftdən kənar sahələrin üzərinə daha çox güc düşməsinə gətirib çıxaracaq. Ona görə də bu istiqamətdə bir sıra işlərin görülməsinə ehtiyac vardır. Birincisi, neft amili ikinci plana çəkildikdə neftdən kənar sahələr əgər inkişaf edirsə, gəlin, 10 faizin strukturuna baxaq. 10 faizin strukturu xeyli dərəcədə infrastruktur layihələri, bir də istehlakın artması ilə bağlıdır. İstehlakın artmasının da xeyli hissəsini xaricdən gətirilən malların üzərində qurmuşuq.
Bu iki amili nəzərə alıb strukturu təkmilləşdirməklə, regionlarda inkişafı sürətləndirməklə gəlirlərimizi artıra bilərik. Regionlarda bizim gəlirlərimiz 800 milyon manatın altındadır. 800 milyon manat ortabab bir şirkətin birillik gəliridir. Bu istiqamətdə xeyli dərəcədə imkanlar var. Ona görə də daha çox əlavə dəyər gətirən xalq istehlakı mallarının xüsusən regionlarda istehsalını artırmaqla milyard manatlarla əlavə vəsait cəlb etmək olar. Eyni zamanda, kölgə iqtisadiyyatının mümkün hissəsinin vergiyə cəlb edilməsi də yüz milyon manatlarla əlavə gəlir gətirə bilər.
Bakı ilə regionların gəlir nisbətinə diqqət yetirəndə görürük ki, bütün gəlirlərimizin 92 faizi Bakının payına düşür. Bu nisbətin əsaslı surətdə regionların xeyrinə dəyişdirilməsindən ötrü yerlərdə layiqli əmək haqqı verən iş yerlərinin açılması istiqamətində addımların atılması vacibdir. Xüsusən azərbaycanlılara qarşı Rusiyada başlayan proseslər bunu diktə edir ki, regionlarda layiqli, yüksək əmək haqqı olan iş yerlərinin açılması istiqamətində ciddi işlər görülsün, büdcə təkcə iqtisadi artıma deyil, həm də iqtisadi inkişafa təkan verən bir amilə çevrilsin.
Qeyd etdiklərimi həyata keçirməkdən ötrü obyektiv yanaşanda görürük ki, daha çox gəlir əldə edilməsinə maraqlı struktur Maliyyə Nazirliyidir. Ona görə də Maliyyə Nazirliyinin əsasnaməsi yenidən işlənməli, onun nəzarət funksiyalarının artırılması istiqamətində iş görülməlidir. Əgər məsuliyyətin xeyli hissəsi onun üzərindədirsə, onun səlahiyyətləri də artırılmalıdır.
Üçüncü vacib məqamı qeyd etmək istəyirəm. Gələn ildən regionların inkişafına dair üçüncü regional proqram işə düşür. Ona görə də büdcədə mütləq üçüncü regional proqram çərçivəsində görüləcək işlərin maliyyə təminatı ilə bağlı məsələlərin nəzərə alınmasına ehtiyac var. Bu istiqamətdə bəzi məqamları qeyd edə bilərəm. Rayonlarda dörd əsas problem daha ciddi xarakter daşıyır: elektrik enerjisi ilə təchizat məsələsi, – düzdür, biz özümüzü elektrik enerjisi ilə təmin edirik, amma texniki xarakterli adi səbəblərə görə insanların bir hissəsi elektrik enerjisi almaqdan məhrum olur, bunun aradan qaldırılması, – su ilə təchizat məsələsi, qazla təchizat məsələsi, bir də kənd yollarının yenidən qurulması.
Mən bu məsələni qaldıranda hörmətli nazirin çox maraqlı bir hesablaması oldu və o bildirdi ki, üst-üstə götürəndə bunun üçün 10 milyard manatdan artıq vəsait tələb olunur. Düzdür, bu çox böyük rəqəmdir, amma mən hesab edirəm ki, əgər biz də artıq büdcəmizin xeyli hissəsini proqramlara sərf ediriksə, proqram xarakterli sənədlər hazırlayıb bu dörd problemin üzərinə getməklə bir tərəfdən regionların sürətli inkişafı və orada iqtisadi fəallığın artırılması hesabına büdcəyə daha çox vəsaitin gəlməsinə, digər tərəfdən isə əhalinin sözün həqiqi mənasında əziyyət çəkdiyi həmin dörd problemin sürətlə həllinə nail ola bilərik.
Büdcədən sosial ipotekaya inişillə müqayisədə artım var. Əvvəlcə 20 milyon manat ayrılmışdı, indi 40 milyon manat ayrılır. Əlbəttə, mən istərdim ki, bu dinamikanı davam etdir-mək, 40 milyonu da iki dəfə artırmaq istiqamətində addımlar atılsın. Amma məsələyə obyektiv yanaşaraq etiraf etmək lazımdır ki, 40 milyon lap 80 milyon da olsa, bu sahədəki problemlərin həlli üçün təkcə büdcənin vəsaiti kifayət etməz. Ona görə də əlavə mənbələr tapıb xalq evlərinin tikilməsi, bu evlərin 50 manata, 60, 100 manata kirayə verilməsi və axırda həmin evlərin bu ailəyə qalması mexanizmindən, proqramından istifadə etmək lazımdır. Bu, həyata keçirilərsə, həm imkansızların, həm də gənc ailələrin sürətlə evlərlə təmin edilməsi həll olunar. Almaniyanın müharibədən sonrakı təcrübəsi göstərir ki, evlə təminat iqtisadiyyatın inkişafına çox güclü təkan verən amildir. Bu amillərə diqqət etmək lazımdır.
Axırıncı məsələni xüsusi qeyd etmək lazımdır. İndi dövriyyədə daha çox təhsillə bağlı məsələlər öz əksini tapır. Axırıncı qəbul olunan konsepsiya, hesab edirəm ki, sözün həqiqi mənasında öz sanbalına, elm tutumluğuna görə, beynəlxalq standartlara cavab vermə nöqteyi-nəzərindən Azərbaycan təhsilini qaldırmaq üçün kifayətdir.
İki məqamı qeyd edim. Birinci məqam – təhsildə artım normativinə keçmək, təhsil xərclərini ümumi daxili məhsulun 5–6 faizinə çatdırmaq. Bu nə deməkdir? Gələn ilin büdcəsində təhsil xərcləri ümumi daxili məhsulun 2,9 faizini təşkil edir ki, bu da 1,7 milyard manata yaxındır. Bunun 5–6 faizə çatdırılması 3–3,5 milyard manatlıq vəsaitin təhsilə yönəlməsi deməkdir. Bu, təhsildə yalnız kəmiyyət deyil, keyfiyyətin də yüksəldilməsi və bir sıra problemlərin həllinin sürətlənməsi baxımından önəmlidir.
İkinci məqam – təhsildə normativ maaşların ümumi daxili məhsulun adambaşına düşən hissəsinin 1,8–2 faizinə çatdırılması. Orta rəqəmləri götürək. İndi təhsildə orta əmək haqqı 250–270 manat götürülsə də, müəllimlərin çox hissəsi 155 manatla 191 manat arasında maaş alır. Direktorların çoxunun maaşı heç 300 manata çatmır. Əgər bu, tətbiq olunmağa başlasa, müəllimlərin maaşı adambaşına düşən ümumi daxili məhsulun 1,8–2 faizi həcmində, yəni 800–1000 manat olmalıdır. Təbii ki, bunu birdən-birə həyata keçirmək mümkün deyil. Amma müəllimlərin maaşının keçmiş SSRİ-yə daxil olan bir sıra ölkələrdə olduğu kimi orta əmək haqqına yaxınlaşdırılması istiqamətində addımların atılması, sonra isə həmin konsepsiya üzrə normativ üsullardan istifadə edərək daha da artırılması vacibdir.
Bir də təklif edirəm ki, təkcə təhsilə yox, səhiyyəyə və elmə də ümumi daxili məhsuldan çıxış edən normativlər tətbiq olunsun. Əgər bu təkliflərin həyata keçirilməsi istiqamətində sistemli addımlar atılsa, mən tam səmimiyyətlə deyirəm ki, neft amilində gəlirlərin azalmasını qeyri-neft hissəsində xeyli dərəcədə uğurla kompensasiya eləmək və Azərbaycan büdcəsinin gəlirlərinin artırılmasında müsbət dinamikanı saxlamaq mümkündür. Hamıya uğurlar arzu edi-rəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Fazil Mustafa.
F.Mustafa. Hörmətli Sədr, hörmətli hökumət üzvləri, hörmətli millət vəkilləri! Büdcə ilə bağlı mən də fikirlərimi çatdırmaq istəyirəm. 2014-cü ilin büdcə gəlirləri, bildiyiniz kimi, 4 faiz və ya 775 milyon manat azalma ilə proqnozlaşdırılır. Burada əsas narahatedici məqam büdcənin itirilən gəlirlərinin yerinin doldurulması üçün hökumətin seçdiyi mənbələrdir. Gəlirlərin dörd mənbə üzrə təxminən 2,2 milyard manat azalması gözlənilir. Bunun təqribən 2 milyard manatının Neft Fondundan, qalanının da digər mənbələrdən azalması nəzərdə tutulur. İtirilən gəlirlərdən 775 milyon manatının büdcə kəsirinin örtülməsi mənbələri hesabına, təqri-bən 1,3 milyard manatının isə büdcənin mövcud vergi və ödənişlərinin genişləndirilməsi hesabına qapadılması nəzərdə tutulur.
Amma həmin mənbələrin sahibkarların deyil, bilavasitə vətəndaşların xərclərinin artması hesabına kompensasiya olunacağı ilə bağlı ciddi narahatçılıqlar var. Çünki gələnilki artımların təqribən yarısından çoxunun və ya 720 milyon manatının dövriyyə vergilərinin, – o vergilər ki, bilavasitə istehlakçının cibindən çıxan vergilərdir, – artması hesabına baş verəcək. Belə ki, gələn il ƏDV-nin 440 milyon manat, aksizlərin 280 milyon manat artımı proqnozlaşdırılır.
Hər halda hökumətin bu suala cavab verməsi vacibdir ki, dövriyyə vergiləri nəyin hesabına artacaq – istehsalın və xidmətlərin həcminin genişlənməsi hesabına, yoxsa qiymətlərin artması hesabına. Əgər ikincinin hesabına olacaqsa, deməli, hökumət itirilən neft gəlirlərinin yerini inflyasiya hesabına kompensasiya etmək istəyir. Bu baş verəcəksə, deməli, maaş, pensiya və müavinətlərin 5–10 faizlik artımının əhalinin güzəranına təsiri heçə endiriləcək. Bir il öncə bir müəllim, – mən aldıqları maaşları soruşuram, – 164 manat alırdısa və 10 faiz artımdan sonra 171 manat alırsa, müəllimin 7 manat artımla bazardakı inflyasiyanın qarşısında durması və bu maaşla yaşaması nə dərəcədə inandırıcı, nə dərəcədə ədalətli görünür?
Hökumət sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşması barədə danışır. Amma dövriyyə vergilərindən fərqli olaraq özəl sektorun gəlir vergilərində nəzərəçarpacaq artımın olmaması, həmçinin azad sahibkarlıq sektorundan tutulan vergilərin büdcədə payının cüzi olması bu inkişafın xeyli şübhəli olduğunu, bəzən də təbliğat məqsədləri üçün istifadə olunduğunu təsdiqləyir.
2014-cü ilin büdcə gəlirlərində mənfəət və fiziki şəxslərin gəlir vergilərindən daxilolmaların payı cəmi 16,8 faiz təşkil edir. Yəni büdcə gəlirlərinin hər 6 manatından cəmi 1 manatı bu mənbənin payına düşür. Dövlət Neft Şirkətinin də vergilərini nəzərə alsaq, mənfəət və gəlir vergilərinin təqribən 67–68 faizi məhz neft sektorunun və büdcə təşkilatlarının hesabına təmin olunur. Yerdə qalan 32–33 faiz payda isə dövlətin təbii inhisarçılarının da ödədiyi vergiləri nəzərə alsaq, mənfəət və gəlir vergilərindən daxilolmaların ən yaxşı halda 20–25 faizi özəl biznes sektorunun hesabına təmin olunur.
18 milyard manatdan artıq büdcə gəliri olan hökumətin büdcəsinə ən yaxşı halda özəl biznes sektorundan 650–700 milyon manat vəsait daxil olduğu şəraitdə özəl sektorun inkişafından danışmaq inandırıcı görünmür.
Rayonlarla Bakı şəhərinin dotasiya ilə bağlı problemlərinə də toxunanda, – komitə iclasında da söyləmişdik, – adama təəccüblü gəlir ki, son on ildə bu qədər regional islahat aparılıb, amma yalnız Abşeron və İmişli rayonları dövlət dotasiyasından azad olunublar, qalanları yenə də bu dotasiyada qalmaqda davam edirlər.
Bakı şəhərində tikinti gedir. Qubadan, başqa yerlərdən gündə yüzlərlə ton çınqıl daşınır, qum daşınır. Amma bunlardan dövlət büdcəsinə daxil olmayan məbləğ görünür, daha böyükdür ki, bu, yerli gəlirlərin artmasında, ən azı statistik rəqəmlərdə özünü ifadə eləmir. Bu da olduqca acınacaqlı bir haldır.
Hesablama Palatasının rəyində də biz oxuduq. Orada dövlət büdcəsinə mənfəət vergisi üzrə yaranmış 567 milyon manat həcmində vergi borcunun 73 faizi “Azərenerji”nin payına düşür. Təsəvvür edin, dövlətdən hər cür büdcə dəstəyi alan, xarici kreditlərdən gen-bol istifadə üçün hökumətin hər cür şərait yaratdığını, mövcud tariflərin maya dəyərini qarşılamağa imkan verdiyini bəyan edən şirkətin dövlət büdcəsinə 400 milyon manatdan artıq mənfəət vergisi üzrə borcunun yaranmasına, həqiqətən, ciddi aydınlıq gətirilməlidir. Bu başqa sahələrdə də özünü göstərən amillərdir.
Xərclərlə də bağlı qeyd eləmək istədiyim vacib məqamlar var. 2014-cü ilin büdcəsində dövlət büdcə təşkilatlarının kommunal, kommunikasiya xidmətləri və yanacaq üzrə xərclərində 72 faiz artım proqnozlaşdırılır. Bu artımın səbəbi nədir? Az qala mövcud olan təşkilatların sayı qədər yeni büdcə qurumlarının yaradılmasıdırmı? Əgər belədirsə, söhbət hansı təşkilatlardan gedir. Yoxsa hökumət gələn il kommunal xidmətlər üzrə tarifləri artırmağa hazırlaşır?
Azərbaycanda kommunal tariflər, xüsusən də elektrik enerjisinin qiyməti o qədər də ucuz deyil. Yanacağın qiymətini biz onun neft hasil edən ölkələrdəki qiymətləri ilə müqayisə etməliyik. Belə müqayisə apardıqda isə görürük ki, bizdə benzinin qiyməti həmin ölkələrin bir çoxundakından bahadır. Bu, təbii ki, digər qiymətlərə də öz təsirini göstərir.
Kommunal xərclərlə müqayisədə əmək haqqı, təqaüd və sosial müavinətlər üzrə xərclərin artımı xeyli azdır. Baxın, dövlət qulluqçusu 172 manat alırdı, 2008-ci ildən bu tərəfə onun maaşı artırılmayıb. Bu dövlət qulluqçusu nəyin hesabına yaşasın? Yaxasından yapışırıq ki, 10 manat rüşvət almısan. Aşağı həddə olan dövlət qulluqçuları bizə müraciət edirlər. Mən ona əsaslanıb deyirəm. 10 manat, 20 manat, 30 manat rüşvət alırlar və bununla da barələrində cinayət işləri qaldırılır. Ona görə buna da diqqət eləmək lazımdır ki, vətəndaşların inflyasiya qarşısında ən azı normal yaşam şərtlərini təmin etmək mümkün olsun.
İqtisadi təsnifat üzrə baxanda əmək haqqı, təqaüd və sosial müavinətlər üzrə xərclər 250 milyon manat artdığı halda kommunal, kommunikasiya xidmətləri və yanacaq üzrə xərclər 306 milyon manat artır. Siz fərqə baxın, belə artımın qarşısında bu insan ac qalmamaq üçün yaşamını necə təmin eləyə bilər?
Təhsil xərclərinin 122 milyon manat artımı nəzərdə tutulur. Amma bu artımın çox az hissəsi konkret təhsil pillələrinin – orta, texniki peşə, orta ixtisas və ali təhsil pillələrinin inkişafına yönəldiləcək. Məsələn, 122 milyon manat artımın cəmi 53 milyon manatı orta təhsil pilləsinə ayrılacaq. Orta təhsilin maliyyə ehtiyaclarını qarşılamaq, xüsusilə orta təhsil pilləsində çalışan çox aşağı əmək haqqı alan müəllimlərin, – burada da qeyd olundu, – məvaciblərini normal səviyyəyə çatdırmaq üçün gərək olan vəsaitin potensial həcmi baxımından bu artım çox cüzidir. Yəni buna diqqət edilməlidir.
Həkimlərin, ümumiyyətlə, tibb işçilərinin maaşlarının artırılması zərurəti burada tez-tez qeyd olunur. Mən ən azı bir insan kimi onların Azərbaycanın şərtlərində normal yaşaması üçün bu artımın tərəfdarıyam. 5–6 ildir, bu strukturda keyfiyyətcə ciddi bir dəyişiklik olmur. İndi burada bəlkə bunun əksini söyləyəcəklər. Amma Azərbaycan insanı müalicə üçün yenə də İrana, Türkiyəyə, Rusiyaya gedir. O qədər vəsaitlər alınır, amma hələ də Azərbaycanda insanların etibar elədiyi səhiyyə sistemi yarada bilməmişik. Bu isə Azərbaycan üçün – bu qədər inkişafda olan ölkə üçün çox böyük, çox ciddi bir qəbahətdir.
Mən xüsusilə də yerli özünüidarə ilə bağlı bir məsələyə toxunmaq istəyirəm. Burada Ziyad müəllim Azərbaycan büdcəsini Gürcüstan büdcəsi ilə müqayisə elədi və bizim büdcənin 5 dəfə artıq olduğunu vurğuladı. Amma Gürcüstan kimi yoxsul ölkənin yerli özünüidarə orqanlarının məcmu büdcəsi Azərbaycan bələdiyyələrinin büdcəsindən ən azı 30 dəfə, mərkəzi büdcənin dəstəyi isə təqribən 70 dəfə çoxdur. Halbuki indi dövlət əhəmiyyətli yerli sosial-iqtisadi layihələri gerçəkləşdirmək üçün bələdiyyələrimizin on milyonlarla manat vəsaitə ehtiyacı var. Büdcədən ayrılan vəsait isə 5,2 milyon manatdır. Yəni bu özü də onu göstərir ki, yerli özünü-idarəni dirçəltmədən əhaliyə keyfiyyətli xidmət sahəsində bir irəliləyişə nail olmaq mümkün deyil. Bunun yollarını düşünmək lazımdır.
Sonda mən millət vəkilləri ilə bağlı bir məsələyə toxunmaq və maliyyə nazirimiz hörmətli Samir müəllimdən bu məsələyə də diqqət yetirməsini xahiş eləmək istəyirəm. Deputatların yerlərdə əhalini qəbul eləməsi üçün ya kirayə götürüləsi bir-iki otağın olması, ya da bir-iki otaqlı bir binanın tikilməsi vacibdir. Bizim bu imkanlarımız yoxdur. Ona görə bunun da üzərində düşünülməsi vacibdir.
Siyasi partiyaların maliyyələşdirilməsi ilə bağlı məsələdə mən də o düşüncədəyəm ki, büdcədə bu sahəyə vəsaitin artırılmasını nəzərdə tutmaq, ola bilsin, hansısa bir problem yaradar. Amma 250 min manat, mən səhv eləmirəmsə, geri qayıdan vəsait var. O vəsait niyə geri qayıdır? O qayıdan vəsaitin digər partiyalar arasında bölüşdürülməsi daha ədalətli addım olar. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Jalə Əliyeva buyursun.
J.Əliyeva. Təşəkkür edirəm. Hörmətli sədarət, hörmətli həmkarlarım və hörmətli hökumət üzvləri! Builki büdcə müzakirəsi ölkəmiz və hər bir Azərbaycan vətəndaşı üçün çox əhəmiyyətli olan və yenicə arxada qoyduğumuz Prezident seçkilərinin keçirildiyi ilə təsadüf edir. Bundan cəmi bir ay əvvəl Azərbaycan vətəndaşı bir daha öz düzgün seçimini edərək bu gününə, sabahına, inkişafa, stabilliyə və birmənalı olaraq parlaq gələcəyinə səs verdi. Xalqın gözü tərəzidir deyir atalarımız. Bizim xalqımız bir daha öz müdrikliyini isbat etdi və görülən işləri sərraf fəhmliliyi ilə çox yüksək qiymətləndirərək yaxın 5 il üçün də öz taleyini ölkə Prezidenti cənab İlham Əliyevə etibar etdi. Məndən əvvəlki çıxışlarda artıq qeyd edildi. Mən də bu yaxınlarda cənab Prezidentin sərəncamı ilə yeni təyin olunan və öz yerinə təsdiq olunan hökumət üzvlərini təbrik etməyi özümə borc bilirəm.
Hörmətli hökumət üzvləri, hörmətli həmkarlar, müzakirə etməkdə olduğumuz büdcə layihəsi, əlbəttə ki, birinci növbədə ölkəmizin iqtisadi durumunun göstəricisidir. Lakin bu büdcə, eyni zamanda, hər bir vətəndaşın gələcəyini, xalqın əhvali-ruhiyyəsini, ölkədəki siyasi durumu, ictimai vəziyyəti, dövlətimizin dünyada möhkəmlənən mövqeyini əks etdirir. Bu baxımdan 2014-cü ilin dövlət büdcəsi iqtisadi inkişafın, sosial rifahın, əmin-amanlığın, bir sözlə, ölkənin bütövlükdə durmadan artan nüfuzunun təminatçısı olan bir sənəd kimi qiymətləndirilməlidir.
Məndən əvvəlki çıxışlarda da, büdcə layihəsinin komitələrdə ayrı-ayrılıqda müzakirəsi zamanı da yaranan əhvali-ruhiyyədən əldə edilən nəticə bunu göstərir ki, deputat həmkarlarımız bu büdcə layihəsinin təsdiq olunmasına tərəfdardırlar. Mən də bütün həmkarlarıma qoşularaq bu büdcə layihəsinə birmənalı olaraq səs verəcəyimi bildirir və hökumət üzvlərinə bu şərəfli işlərində, Azərbaycanımızın gələcəyi naminə atdıqları hər bir addımda, cənab Prezidentlə bəra-bər gördükləri hər bir işdə bir daha uğurlar diləyir və arzu edirəm ki, bu gün müzakirə etdiyimiz büdcə layihəsində nəzərdə tutulan vəzifələri zamanında yerinə yetirə bilsinlər.
Hörmətli hökumət üzvləri, hörmətli həmkarlar, mən fürsətdən istifadə edərək bir neçə təklifimi də irəli sürmək istəyirəm. Əslində, bunlar əvvəlki illərdəki büdcə müzakirələri və hökumətin hesabatı zamanı səsləndirdiyimiz fikirlərin bir növ təkrarı və ya davamı kimi də qiymətləndirilə bilər.
Birinci növbədə qeyd etmək istədiyim məsələ mənzil problemi ilə bağlıdır. Əhalinin aztəminatlı hissəsinin mənzil probleminin həlli üçün uzunmüddətli kreditlərin ayrılmasını və bu vəsait hesabına sosial mənzillərin tikilməsini təklif etmişdik. Bununla bağlı böyük bir proqramın hazırlanmasına ciddi ehtiyac var.
Təklif etmək istədiyim ikinci məsələ, yəqin ki, yenə də bir növ mənzil probleminin həlli ilə bağlı olaraq irəli sürdüyüm əvvəlki təklifin davamı kimi qiymətləndiriləcəkdir. Söhbət uşaq evlərindən, internatlardan məzun olan gənclərdən gedir. Onlar hələ həyatın isti-soyuğunu görmədən küçələrin isti-soyuğuna düşürlər.
Bu sahədə Heydər Əliyev Fondunun prezidenti, hörmətli həmkarımız xanım Mehriban Əliyevanın çox humanistcəsinə atdığı addımları xatırlayırıq. Bundan bir neçə il əvvəl həmin internat evlərindən məzun olan gənc qızlarımız üçün xüsusi evlər birbaşa Mehriban xanımın himayəsi, qayğısı ilə inşa edildi və o evlərdə artıq bu qızların bir hissəsi rahat şəraitdə yaşayır.
Lakin bu, məsələnin hələ bir hissəsidir. Düşünürük ki, bu qəbildən olan gənclərimizin tam şəraitli evlərlə təmin olunması üçün hökumət də öz addımlarını atmalıdır. Gəlin qəbul edək ki, cəmiyyətimizin ağrılı bir hissəsi olan bu təbəqənin normal vətəndaş kimi yaşaması çox əhəmiyyətli və vacib bir məsələdir. Hamımız valideynik və həmin uşaqlar da bizim öz övladlarımız kimi bu vətənin bir parçasıdırlar.
Hörmətli hökumət üzvləri, mən fürsətdən istifadə edərək seçildiyim Zərdab–Ucar dairəsi ilə də bağlı bəzi fikirlərimi diqqətinizə çatdırmaq istəyirəm. Bunlardan birincisi məktəb tikintiləri ilə bağlı olan məsələdir. Bilirsiniz ki, 3 il bundan əvvəlki Kür daşqını zamanı bir çox rayonlarımız kimi Zərdab rayonu, onun bir çox kəndləri də suyun altında qaldı. Bu hadisədən sonra Zərdab rayonunun Təzəkənd orta ümumtəhsil məktəbi tamamilə yararsız bir vəziyyətə düşmüşdü. Biz bununla bağlı 2010-cu ildə artıq müraciət etmişik və elə həmin il yeni məktəb tikintisi plana salınıb. Bunun üçün yeni yer də ayrılıb, lakin inşaat işləri hələlik başlamayıb.
Zərdab şəhərinin 1 və 2 saylı orta məktəbləri də o qədər yaxşı vəziyyətdə deyillər. Hər iki məktəbin əsaslı təmirə ehtiyacı var. Onlar 2010-cu ildən əsaslı təmir üçün plana salınsa da, hələlik bu sahədə hər hansı bir tərpəniş yoxdur.
Mən rayonun qaz təchizatı haqqında da bəzi məsələləri nəzərinizə çatdırmaq istəyirəm. Belə ki, 2008–2010-cu illər dövlət proqramına əsasən 2013-cü ilin sonuna qədər Zərdab rayonunun bütün kəndləri qazlaşdırılmalı idi. Lakin bu günə qədər Zərdab rayonunun 40 kənd və bir qəsəbəsindən yalnız 5-də qaz xətti tam istifadəyə verilib. 6 kənddə hazırda tamamlama işləri gedir. Digər kəndlər isə növbəsini gözləyir.
Yeri gəlmişkən, mən, eyni zamanda, deputatı olduğum Ucar rayonunun Bərgüşad kəndinə də qaz xəttinin çəkilişi işlərinin sürətləndirilməsini xahiş edirəm. Bu sahədə də işlərin nəzarətə götürülüb sürətləndirilməsinə böyük ehtiyac vardır.
Zərdab rayonunda su və kanalizasiya xətlərinin çəkilişi 2013-cü ilə qədər başa çatdırılmalı idi. Lakin su xəttinin çəkilişi, demək olar ki, başa çatsa da, kanalizasiya xəttinin çəkilişi sahəsində hələ ki, heç bir iş getmir. Mən fürsətdən istifadə edərək bu sahənin də nəzarətə götürülməsini, eləcə də Ucar rayonunun Lək və Xələc kəndlərində də modul tipli sutəmizləyici qurğuların quraşdırılmasını xahiş edirəm.
Zərdab rayonu hələ sovetlər dövründə qurularaq çoxdan aşınmaya məruz qalmış 35 kilovatlıq elektrik xətti ilə işləyir. Biz bunu bir neçə dəfə səsləndirmişik. Xahiş edərdik ki, imkan daxilində bu il bu elektrik xəttinin 110 kilovatlıq xətt ilə yenilənməsi məsələsi nəzərdə tutulsun.
Eyni zamanda, düşünürük ki, rayonda idman kompleksinin tikilməsi və stadionun yenidən qurulması gənclərimizin sağlam həyat tərzinin formalaşması üçün əhəmiyyətli olardı.
Hörmətli hökumət üzvləri, mən, eyni zamanda, nəzərinizə bunu da çatdırmaq istəyirəm ki, bir az əvvəl səsləndirdiyim fikirlər, təkliflər, əslində, daha əvvəl səsləndirdiyimiz fikirlərdir. Çox xahiş edərdim ki, bu təkliflər 2014-cü ildə görüləcək işlərlə bir sırada nəzərə alınsın.
Çıxışımın əvvəlində də qeyd etdiyim kimi, gələn ilin dövlət büdcəsini yüksək qiymətləndirirəm və düşünürəm ki, bu sənədin uğurla icra olunması ölkəmizin daha da sürətli inkişafını təmin edəcəkdir. Hər birinizə işinizdə uğurlar arzulayıram. Diqqətinizə görə təşəkkür edirəm. Sağ olun.

Azərbaycan  Respublikası  Milli  Məclisi  Sədrinin
birinci  müavini  Z.Əsgərov  sədrlik  edir

Sədrlik edən. Sağ olun. Mübariz Qurbanlı.
M.Qurbanlı. Hörmətli sədarət, Azərbaycan hökumətinin çox hörmətli üzvləri, hörmətli həmkarlarım! Təqdim olunan büdcə zərfi və burada irəli sürülən iqtisadi layihələr sevindirici-dir. Çünki bu büdcə zərfi bütövlükdə Azərbaycanın iqtisadi durumunu, beynəlxalq aləmdəki iqtisadi konyunkturanı nəzərə alaraq tərtib edilmişdir. Burada irəli sürülən müddəalar, nəzərdə tutulan layihələr yerinə yetirilməsi mümkün olan layihələrdir.
Azərbaycanın iqtisadi inkişafının hədəfləri Prezidentimiz cənab İlham Əliyev tərəfindən müəyyən edilibdir. Azərbaycan inkişaf etmiş ölkələrin, sənayecə inkişaf etmiş dövlətlərin sırasına daxil olmaq istəyir. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında da bu müddəalar öz əksini tapıbdır.
Prezidentimizin andiçmə mərasimindəki çıxışında bir neçə əhəmiyyətli tezis irəli sürüldü. Bunların içərisində Azərbaycanın iqtisadi cəhətdən müstəqil olması məsələsi xüsusi vurğulandı. Həqiqətən, ölkənin iqtisadi müstəqilliyi digər sahələrə də ciddi təsir göstərir. İqtisadi müstəqillik ərzaq təhlükəsizliyi, enerji təhlükəsizliyi, ölkənin müstəqil siyasət yürütməsi deməkdir.
Bütün bunların əldə edilməsi üçün Prezidentimizin rəhbərliyi ilə Azərbaycan hökuməti çox böyük işlər görüb. Hökumət orqanlarında həyata keçirilən islahatlar, vergi və gömrük orqanlarında, digər sahələrdə vahid pəncərə sisteminin tətbiq olunması, “ASAN xidmət”in yaradılması, – bütün bunlar ölkənin idarəçiliyində çox mühüm yeniliklər olmaqla büdcənin gəlir hissəsinin təmin edilməsinə də öz təsirini göstərmişdir.
Büdcənin builki göstəricilərində ən mühüm keyfiyyət dəyişikliyi ondan ibarətdir ki, indi Dövlət Neft Fondundan köçürmələr tədricən azaldılmaqdadır. Eyni zamanda, büdcədə ən mühüm istiqamətlərdən biri onun gəlir hissəsinin qeyri-neft sektoru hesabına təmin edilməsidir. Bu çox əhəmiyyətli bir məsələdir. Azərbaycan neft və qaz ixrac edən ölkə olduğuna görə atdığımız addımları mütləq neft və qaz ixrac edən ölkələrin təcrübəsini öyrənərək atmalıyıq. Bu addımlar getdikcə dərinləşdirilməlidir, çünki Azərbaycan iqtisadiy-yatının neft və qaz ixracından asılılığı digər sahələrin inkişafına ağır zərbə endirə bilər. Ona görə də Prezidentimizin müəyyən etdiyi bu strategiya iqtisadi bloka daxil olan nazirliklər tərəfindən çox uğurla həyata keçirilməkdədir.
Burada bir məqamı xüsusi qeyd etmək istəyirəm. İstənilən ölkədə hökumət çalışır ki, büdcə daha çox vəsaitlə təmin edilə bilsin. Çünki büdcə iqtisadiyyatın bir növ güzgüsüdür. İqtisadiyyat nə qədər sağlam, nə qədər güclü olarsa, büdcəyə o qədər çox vəsait daxil ola bilər.
Büdcənin gəlir hissəsinin təmin edilməsində, əlbəttə, xalqın təmsilçisi kimi deputatların da təklifləri nəzərə alınmalıdır. Mən düşünürəm ki, büdcəni geniş şəkildə təmin etmək üçün ölkədə ilk növbədə istehsal artırılmalı, istehsal müəssisələrinin gücü çoxaldılmalıdır. Eyni zamanda, Azərbaycanın bir dövlət olaraq idxala yönələn xərcləri getdikcə azaldılmalıdır. Yəni bizim ixrac və idxal olunan məhsullarımızın nomenklaturası arasında bir müqayisə aparılmalıdır ki, nəyin daha çox ixrac və nəyin daha çox idxal edildiyini bilək. Çox təəssüf ki, idxal olunan məhsullar arasında hələ də adi məmulatları görməkdəyik. Ona görə də Azərbaycanda texnoparkların salınması, ağır sənayenin inkişafı üçün müəyyən proqramların həyata keçirilməsi ilə yanaşı, yüngül sənaye sahələrinin inkişafına da təkan verilməlidir. Xüsusilə emal sahələrinə diqqət yetirilməlidir.
Azərbaycan sənaye cəhətdən inkişaf edir və bizim sənaye müəssisələrimizin sayı artır. Ancaq bütün bunlara baxmayaraq, ümumi daxili məhsulun sahə strukturunda kənd təsərrüfatı hələ də 42 faiz yer tutur. Ona görə də biz kənd təsərrüfatına diqqəti daha da artırmalıyıq.
Mən burada bir neçə təkliflə çıxış edəcəyəm. Hökumət gələcəkdə bunları nəzərə ala bilər. Azərbaycanda kənd təsərrüfatı məhsullarını, meyvə-tərəvəzi qorumaq, saxlamaq və daha əlverişli vaxtda satışa çıxarmaq üçün soyuducular tikilir. Bu çox gözəl bir proqramdır və hökumət bununla bağlı müəyyən vəsait ayırır. Məncə, bu vəsaiti bir az da artırmaq lazımdır. Çünki bu gün Azərbaycanın elə bölgələri var ki, orada meyvə-tərəvəz kifayət qədər olsa da, onların ixrac edilməsi imkanları məhduddur. Ona görə ki, bəzi istiqamətlərdə məhsulların ixrac edilməsi ilə bağlı müəyyən problemlər vardır. Bu hamıya bəlli olan problemlərdir. Ona görə də soyuducu anbarların tikilməsinə geniş yer vermək lazımdır. Bu birincisi.
İkincisi, ölkəmizdə meyvə-tərəvəzdən müəyyən məhsullar istehsal edən xüsusi emal müəssisələri yaradılır. Amma bu emal müəssisələrinin işləmə qabiliyyəti və gəlir əldə etmək imkanları çox aşağıdır. Bunun səbəbi nədir? Səbəbi bizdə enerji daşıyıcılarının qiymətinin baha olmasıdır. Bir çox ölkələrdə bu cür müəssisələrə enerji daşıyıcıları vətəndaşlarla müqayisədə güzəştli şərtlərlə verilir. Biz də bunu etməliyik. Enerji daşıyıcılarını güzəştlə verməsək, kənd təsərrüfatı məhsullarının emalı ilə məşğul olan konserv zavodları, müxtəlif çeşiddə məhsullar istehsal edən həmin müəssisələr rentabelli olmayacaq. Rentabelli olmadıqda isə Azərbaycanda yetişdirilən çox qiymətli məhsulların itkisinə gətirib çıxaran hadisələrlə üzləşəcəyik.
Kənd təsərrüfatına müxtəlif formalarda dotasiyalar, yardımlar ayrılır. Bu işlərin görülməsində məqsəd nədir? Əlbəttə ki, bol məhsul əldə etmək. Ancaq bu məhsulları xarici bazara çıxara bilmiriksə, bu vəsaitlərin xərclənməsinin əhəmiyyəti yoxdur. Əgər biz Qubanın almasını, Göyçayın narını və yaxud digər kənd təsərrüfatı məhsullarını istədiyimiz səviyyədə emal edərək xarici bazara çıxara bilmiriksə, bu zaman həmin məhsulların yetişdirilməsi, hazırlanması üçün ayrılan vəsaitlər, demək olar ki, öz əhəmiyyətini itirmiş olur. Ona görə də bu istiqamətdə iş görülməlidir. Həmin emal müəssisələrinə diqqət artırılmalıdır. Çünki bizim daxili bazarımız bu qədər məhsulu istehlak etmək, onu almaq iqtidarında deyil. Digər bazarlarla bağlı məsələ də bəllidir.
Başqa bir məsələyə toxunmaq istəyirəm. Çox vaxt müzakirələrdə müəllimlərin, həkimlərin əmək haqqı məsələsi haqlı olaraq gündəmə gəlir. Ancaq bunun həlli üçün biz yalnız büdcəni yükləyə bilmərik. Heç bir ölkədə təhsil və səhiyyə xərcləri yalnız ölkənin büdcəsi hesabına ödənilmir. Ən inkişaf etmiş ölkələrdə də bu belə deyil. Burada özəl sahələrə xüsusi diqqət yetirmək lazımdır.
Özəl məktəblərə də xüsusi diqqət yetirilməlidir. Rayonlarda, şəhərlərdə özəl məktəblər üçün torpaq sahələri ayrılmalı, onlara kreditlər verilməlidir. Qoy özəl məktəblərin sayı artsın. Onsuz da valideynlər repetitorlara vəsait verirlər. Onlar həmin vəsaiti məmnuniyyətlə özəl məktəblərə ödəyəcəklər.
Səhiyyə sahəsində də digər ölkələrin təcrübəsinə baxaq. Sığorta sisteminə keçmək lazımdır. Əlbəttə, bu asan məsələ deyil, bunu birdən-birə etmək olmaz. Amma bu addım mütləq atılmalıdır. Əks təqdirdə bu sahədə çalışanların əmək haqlarının büdcə hesabına qaldırılması haqqında çağırışlar populizmdən uzağa gedə bilməyəcək. Çünki heç bir ölkədə büdcə bu cür ağırlığı öz üzərinə götürə bilməz. Ona görə də hökumət bu istiqamətdə işləri tədricən həyata keçirməlidir.
Mən bütövlükdə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi layihəsində irəli sürülən müddəaları bəyənirəm, ona səs verəcəyəm və deputat həmkarlarımı da bu büdcəyə səs verməyə çağırıram. Çünki bu büdcə, bu iqtisadiyyat Azərbaycan vətəndaşına, onun rifahına yönəlib. Azərbaycan vətəndaşının rifahı, Azərbaycanın iqtisadi inkişafı isə Prezidentimizin strateji xəttinin əsasını təşkil edir.
Sədrlik edən. Sağ olun. İqbal Ağazadə. Yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. İlham Məmmədov.
İ.Məmmədov. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Hörmətli sədarət, hörmətli hökumət üzvləri, hörmətli millət vəkilləri! Mən ilk növbədə yeni təyin olunmuş hökumət üzvlərinin hər birini ürəkdən təbrik edir və möhtərəm cənab Prezidentin siyasətinin uğurla həyata keçirilməsində onların hər birinə müvəffəqiyyət arzulayıram.
Hörmətli millət vəkilləri, Azərbaycan Respublikasının ali maliyyə sənədi olan 2014-cü il dövlət büdcəsi haqqında qanun layihəsi ilə yaxından tanış olmuşam. Qanun layihəsi peşəkarlıqla hazırlanıb. Büdcə zərfinə daxil olan sənədlərin hazırlanmasında xüsusilə Maliyyə Nazirliyinin – hörmətli nazir Samir Şərifovun rəhbərlik etdiyi kollektivin işini qeyd etmək istəyirəm. Komitələrin birgə iclası zamanı hörmətli Samir müəllim bir daha 2014-cü il büdcəsinin əsas parametrləri və prioritetləri barədə bizə geniş məlumat verdi, səbrlə və diqqətlə suallarımızı cavablandırdı.
Büdcə haqqında onu deyə bilərəm ki, 2014-cü ilin dövlət büdcəsi ölkəmizin iqtisadi, sosial, siyasi inkişafı və əsas makroiqtisadi göstəriciləri nəzərə alınmaqla hazırlanıb. Təbii ki, dövlət büdcəsi hazırlanarkən dünyada baş verən iqtisadi prosesləri də nəzərə almamaq mümkün deyil. Belə ki, 14 illik tarixi olan uzunmüddətli tənəzzül hələ də davam etməkdədir. Dünya iqtisadiyyatı tələb və təkliflə yanaşı, geosiyasi vəziyyətdən də asılıdır. Lakin cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu siyasət nəticəsində ölkəmizin güclü maliyyə dayaqları yaradılmışdır. Bu da əsas verir ki, 2014-cü ilin dövlət büdcəsi xalqımızın rifahına, dövlətimizin qüdrətlənməsinə, millətin inkişafına, gələcəyimizə xidmət etsin.
Hörmətli millət vəkilləri, büdcənin sosial yönümlü xərclərinin əsas istiqamətlərinə nəzər salmaq kifayətdir ki, 2014-cü il büdcəsinin də əsas hədəfinin sosial rifaha xidmət etmək olduğunu görək. Mən statistik rəqəmlərlə vaxtınızı almaq istəmirəm. Təkcə sosial siyasətin əsas sahələrindən biri olan səhiyyə xərcləri ilə əlaqədar fikirlərimi və təkliflərimi bildirmək istəyirəm.
2014-cü ilin dövlət büdcəsində səhiyyə xərcləri 725 milyon 586 min 200 manat nəzərdə tutulmuşdur. Bu rəqəm 2013-cü illə müqayisədə 8,4 faiz çoxdur. Dövlət büdcəsində səhiyyə xərclərinin xüsusi çəkisi 3,6 faizdir, yəni 2013-cü ildəkindən 0,2 faiz artıqdır. Dövlət büdcəsində səhiyyə xərclərinin xüsusi çəkisinin 3,6 faiz olması, əlbəttə, müsbət haldır, çünki bir neçə il əvvəl bu rəqəm 1,4 faiz idi.
Mən fürsətdən istifadə edib hörmətli Samir müəllimə bir sual ünvanlamaq istəyirəm. Mənə elə gəlir ki, səhiyyəyə əsaslı vəsait qoyuluşlarını da səhiyyə xərclərinin xüsusi çəkisinə əlavə etmiş olsaq, bu rəqəm daha böyük olar. Bilirsiniz, seçki ərəfəsində möhtərəm cənab Prezidentimiz “Azərbaycan Respublikası regionlarının 2009–2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində mənim təmsil etdiyim Yevlax rayonunda olarkən iki böyük xəstəxananın – Mərkəzi rayon xəstəxanasının və eyni zamanda, Regional Vərəm Dispanserinin açılışında iştirak etdi. Əlbəttə ki, belə müasir texnologiya ilə təchiz olunmuş, bəlkə heç Avropa şəhərlərində belə olmayan müasir xəstəxanalar təkcə Yevlaxda deyil, digər rayonlarda da açılır. Bunları da səhiyyənin büdcədəki ümumi xərclərinə daxil etmək olar.
Hörmətli millət vəkilləri, səhiyyə xərclərində mənim diqqətimi çəkən əsas məqamlardan biri bu il ambulator-poliklinik xərclərin 106 milyon manat və ya 14,6 faiz təşkil etməsidir. Bu məbləğ 2013-cü illə müqayisədə 8 milyon manat çoxdur və səhiyyə islahatları çərçivəsində ilkin tibbi xidmətin yaxşılaşdırılmasına xidmət edən ən mühüm amillərdən biridir. Bildiyiniz kimi, əhaliyə ambulator-poliklinik yardım göstərən müəssisələrin sayı 2010-cu ildə 1692, 2013-cü ildə isə 1725 olmuşdur.
Əlbəttə, səhiyyə sahəsində aparılan belə islahatlar əhaliyə ilkin tibbi yardım göstərilməsinə, yəni xəstələnmə riskinin azalmasına xidmət edir və səhiyyə xərclərində məhz bu amil əsas kimi nəzərə alınmışdır. Qeyd edim ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən hazırlanmış səhiyyənin inkişaf proqramlarında xəstələnmə riskinin azaldılması məqsədi ilə profilaktik ambulator-poliklinik tədbirlərin genişləndirilməsinə yardımçı olan poliklinika xidmətinə üstünlük verilməsi də tövsiyə olunur.
Builki büdcədə səhiyyə xərcləri ilə bağlı diqqətimi cəlb edən əsas məqamlardan biri də ayrı-ayrı səhiyyə sahələri üzrə proqramların icra olunmasına üstünlük verilməsi və bunun prioritet kimi götürülməsidir. Əlbəttə, mən bunu alqışlayıram. Bildirmək istəyirəm ki, məhz bu proqramların tətbiqi nəticəsində bir çox sahələr üzrə problemli məsələlər artıq öz həllini tapmışdır. Məsələn, şəkərli diabet üzrə dövlət proqramına 33,7 milyon manat vəsait ayrılıb. Xərçəng xəstəliyinə qarşı milli mübarizə dövlət proqramına 38,9 milyon, 2013-cü illə müqayisədə 55,2 faiz çox vəsait ayrılmışdır.
Eyni zamanda, onu da qeyd edim ki, keçən il qəbul etdiyimiz “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Qanunun müvafiq müddəasının həyata keçirilməsi, yəni belə xəstələrin müalicəsi üçün büdcədə gələn il 5,6 milyon manat vəsait nəzərdə tutulmuşdur. Bu, 2013-cü ildəkindən 25 faiz çoxdur. Həmçinin bu il qəbul etdiyimiz “Uşaqların icbari dispanserizasiyası haqqında” Qanunun icrası ilə bağlı dispanserizasiya tədbirlərinə 5 milyon manat vəsait ayrılmışdır. Beləliklə, parlamentin qəbul etdiyi və əhalinin sağlamlığına xidmət edən iki yeni qanun builki büdcədə dövlət proqramı şəklində öz əksini tapmışdır.
Mən 2014-cü il büdcəsinin məziyyətlərini qeyd edərək bildirmək istəyirəm ki, dövlət proqramları şəklində konkret problemlərin həllinə yönəlmiş bu məsələlər büdcəmizin prioritetlərindən biridir. Səhiyyənin dinamik inkişafını, dövlətimizin bu sahəyə diqqətini, qayğısını məhz cənab Prezidentin öz siyasətində insan amilinə önəm verməsi kimi qiymətləndirirəm və bunun üçün də ona həm təmsil etdiyim bölgənin insanları adından, həm də öz adımdan minnətdarlığımı bildirirəm.
Təbii ki, bütün bunlarla yanaşı, təkliflərimi də vermək istəyirəm. Hörmətli Mübariz Qurbanlı da çıxışında qeyd etdi ki, hətta inkişaf etmiş dövlətin də büdcəsi səhiyyənin bütün ağırlığını öz üzərinə götürə bilməz. Ancaq dövlətimiz bunu edir. Məsələn, dövlət proqramında şəkərli diabetə çox böyük məbləğdə vəsait ayrılmışdır. Ancaq bunun daha səmərəli, daha əlçatan olması üçün təklif edərdim ki, rayon büdcəsinə də mərkəzləşmiş şəkildə vəsait ayrılsın. Belə ki, rayon büdcələrinə ayrılan 28 milyon manat vəsaitin 20 milyon manatı şəkərli diabetin müalicəsinə, qalan 8 milyon manatı isə dərman vasitələrinin alınmasına sərf olunur. Ona görə təklif edirəm ki, gələcəkdə büdcədə dərman vasitələrinin alınması maddəsi də nəzərdə tutulsun.
Digər bir məsələ barədə də fikrimi bildirmək istəyirəm. Düşünürəm ki, gələcək büdcədə bunu da nəzərə ala bilərik. Xroniki böyrək çatışmazlığı məsələsi bu gün öz həllini bütünlüklə tapmışdır. Yəni dializli xəstələr dializ müalicəsindən pulsuz keçirlər. Artıq insanlar məni pulsuz dializə yazın demirlər, deyirlər ki, mən öz evimdə, öz rayonumda dializdən keçmək istəyirəm. Bu, ölkəmizin, dövlətimizin inkişafı deməkdir. Ancaq bu gün təkcə dializlə problem həll edilmir. Eyni zamanda, ölkəmizdə orqan transplantasiyası da həyata keçirilir. Transplantasiyadan sonra lazım olan dərman vasitələrinin alınması üçün də büdcədən vəsaitin ayrılmasını xahiş edirəm.
Mən də həmkarlarıma qoşularaq bildirmək istəyirəm ki, büdcəmiz çox peşəkarlıqla hazırlanıb, ölkəmizin sosial inkişafının əsas göstəricilərini özündə əks etdirir və insanların rifahının yüksəldilməsinə xidmət edir. Bunun üçün də mən bu qanun layihəsinə səs verəcəyəm və deputat həmkarlarımı da ona səs verməyə çağırıram. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Sağ olun. Əhməd Vəliyev.
Ə.Vəliyev. Hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Bu gün müzakirəmizə təqdim olunmuş Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında qanun layihəsi yüksək peşəkarlıqla hazırlanmışdır və ölkəmizin iqtisadi gücünün bugünkü reallığını tam şəkildə əks etdirir.
Qeyd edim ki, 2014-cü ilin dövlət büdcəsi bir sıra cəhətlərinə görə özündən əvvəlki büdcələrdən fərqlənir. Belə ki, 2003-cü ildən bu yana ilk dəfə olaraq 2014-cü ildə Dövlət Neft Fondundan büdcəyə edilən transferlərin azaldılması nəzərdə tutulmuşdur. Cari illə müqayisədə növbəti ildə təhsil xərclərinin 8 faiz, səhiyyə xərclərinin 8,4 faiz, ümumi daxili məhsulun isə 5,2 faiz artacağı proqnozlaşdırılır. 2014-cü ilin büdcə gəlirləri 2013-cü ilin göstəriciləri ilə müqayisədə 6,4 faiz çoxdur. Dövlət Neft Fondundan edilən transferlər nəzərə alınmadan digər mənbələr üzrə dövlət büdcəsinin gəlirlərinin 2013-cü ilə nisbətən 15,9 faiz artacağı proqnozlaşdırılır ki, bu da Dövlət Neft Fondundan transferlərin azaldılması fonunda çox müsbət haldır.
2014-cü ilin dövlət büdcəsinin xərcləri ümumi daxili məhsulun 34,3 faizi həcmində nəzərdə tutulur ki, bu da 2013-cü illə müqayisədə 213 milyon manat çoxdur. Dövlət büdcəsi son bir neçə ildə sosial yönümlü xarakter daşımış və 2003-cü illə müqayisədə sosial sahələrə ayrılan vəsait 8 dəfə artırılmışdır. 2014-cü ilin dövlət büdcəsinin xərclərində sosial yönümlü xərclərin xüsusi çəkisi 23,6 faiz nəzərdə tutulmuşdur ki, bu da 2013-cü illə müqayisədə 5,9 faiz artım deməkdir. Növbəti ildə əhalinin gəlirlərinin 2013-cü ilin göstəricilərinə nisbətən 6,4 faiz, xərclərinin isə 5,2 faiz artması proqnozlaşdırılır.
Hörmətli millət vəkilləri, mən hesab edirəm ki, dövlətin və millətin bu günü, sabahı gənclərlə bağlıdır. Bununla əlaqədar bəzi məqamlara toxunmaq istərdim. Qeyd edim ki, gənclərlə iş birbaşa ölkə Prezidentinin diqqətindədir. Belə ki, gənclərin təhsili, onların yaşam tərzi, sağlamlığı və sair məsələlər dövlətin strateji məqsədi olaraq müəyyənləşdirilmişdir.
Ancaq bu gün gənclərin üzləşdiyi müəyyən problemlər də mövcuddur. Bununla bağlı fikirlərimi diqqətinizə çatdırmaq istərdim. Gələn il İpoteka Fonduna 40 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Həmkarlarımın da qeyd etdiyi kimi, bu çox az məbləğdir. Sosial ipotekaya ayrılan vəsait artırılsa, daha məqsədəmüvafiq olar.
Hamımıza məlumdur ki, bu gün ali təhsillə bağlı adambaşına maliyyələşdirmə prinsipi tətbiq olunur. Təhsil haqqında yeni qanun qəbul olunandan sonra ölkə Prezidentinin Sərəncamı ilə təhsil alan ayrı-ayrı fərdlərin maliyyələşdirilməsi məsələsinə baxılır. Hesab edirəm ki, təhsil alanların əksəriyyəti ödənişli əsaslarla oxuduğuna görə 2014-cü ilin dövlət büdcəsi layihəsində təhsil kreditlərinin öz əksini tapması çox vacibdir. Ona görə ki, hər il orta məktəbi bitirən şagirdlərin təxminən 20–25 faizi ali məktəbə daxil olur, yəni təhsilə cəlb edilir. Gənclərin 75–80 faizi isə bu və ya digər səbəbdən təhsildən kənarda qalır. 16–18 yaşlı gənclərin təhsillə əhatə olunmaması hər birimiz üçün, gələcək nəsil üçün, ümumiyyətlə, dövlətimiz üçün müəyyən problemlərə çevrilə bilər.
Hər il yüz minlərlə Azərbaycan gənci, demək olar ki, məşğuliyyətsiz qalır. Onların bir qismi xarici ölkələrdə təhsil almağa gedir. Ancaq hansı xarici ölkələrə? Əgər xarici ölkələrin fundamental universitetlərində təhsil alsalar, bu çox yaxşıdır. Hamımıza məlumdur ki, Azərbaycan gənclərinin bir qismi ayrı-ayrı ölkələrə yalnız diplom almaq məqsədi ilə gedir, Azərbaycanın valyutasını ölkədən kənara çıxarıb həmin universitetlərə təhsil haqqı kimi ödəyir və yaxud o vəsaitləri orada digər formada məsrəf edib yalançı bir diplom alaraq geri qayıdır. Bu gənclərimiz həmin diplomu əks etdirən bilik almadıqlarına görə də Azərbaycan Respub-likasında iş tapa bilmirlər. Yəni onların savadı, təhsili lazımi səviyyədə olmadığına görə Azərbaycan üçün tam yararsız kadrlara çevrilirlər. Bu vəziyyətin qarşısını almaq üçün dövlət səviyyəsində strategiya müəyyənləşdirilməlidir.
Bu gün ölkəmizin ali təhsil müəssisələrinin maddi-texniki bazası və kadr potensialı lazımi səviyyədə olduğuna görə Azərbaycan universitetlərinin qapıları həmin gənclərin üzünə açılmalıdır. Yüksək səviyyədə təhsil almasalar da, yaxud sonda diplom ala bilməsələr də, ən azı auditoriyada iştirak etmələri məqsədəmüvafiq olardı. Əgər biz indi 16–18 yaşında olan bu gənclərin fəaliyyətini düzgün istiqamətləndirməsək, gələcəkdə onları itirmiş olacağıq.
Ümumiyyətlə, bu gün müzakirəmizə təqdim olunan Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında qanun layihəsini çox yüksək qiymətləndirirəm. Bütövlükdə ölkə həyatının bütün sahələrini hərtərəfli əhatə etdiyinə görə mən bu layihənin təsdiqinə səs verəcəyəm və həmkarlarımı da səs verməyə dəvət edirəm.
Seçildiyim Qazax rayonu ilə bağlı bəzi təkliflərimi çatdırmaq istərdim. Birinci təklifim Qazax şəhərinin nəzərdə tutulmuş su-kanalizasiya sisteminin tikilməsinə vəsaitin ayrılması ilə bağlıdır.
İkinci. Bilirsiniz ki, Qazax rayonunda bir neçə kənd işğal olunubdur. İşğal olunmuş kəndlərdən biri də Qazax rayonunun Qızılhacılı kəndidir. Mən bu barədə bir-iki dəfə məlumat vermişəm. Qazax rayonunun Qızılhacılı kəndi işğal olunsa da, onun torpaq sahəsi hazırda qalır. Qızılhacılı kəndinin sakinləri həmin torpaq sahəsində, bir qədər təhlükəsiz yerdə kəndin bərpasını xahiş edirlər. Mən də hökumətimizə onların xahişini çatdırıram.
Qazax rayonunun bir neçə məktəbi sovet dövründə tikilmiş birtipli məktəblərdir. Bu məktəblər çox yüksək səviyyədə tikilibdir, lakin bu gün onların əsaslı təmirə ehtiyacı vardır. Həmin məktəblərin əsaslı təmir olunması üçün vəsait ayrılmasını xahiş edirəm.
Əkin sahələrinin suvarılması üçün mənbəyini düşmən Ermənistandan götürən çaylar hesabına yaradılmış Ağstafa su dəryaçası, Abbasbəyli su dəryaçası və Kəmərli su anbarında olan su qıtlığını nəzərə alıb bu hovuzların doldurulması üçün Kür çayından yeni su kanallarının çəkilməsinə vəsait ayrılmasını xahiş edirəm. Yeri gəlmişkən qeyd edim ki, həmin hovuzların Kür çayından məsafəsi çox azdır. Ağstafa su dəryaçası cəmi 30 kilometr, Abbasbəyli su dər-yaçası 25 kilometr, Kəmərli su anbarı isə 15 kilometr məsafədə yerləşir.
Son olaraq Qazax şəhərinin mərkəzində yerləşən hərbi hissənin onun ətrafına çıxarılmasını xahiş edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Məlahət İbrahimqızı.
M.İbrahimqızı. Çox sağ olun. Hörmətli sədarət, hörmətli həmkarlar, hörmətli hökumət üzvləri! Mən də bütün həmkarlarım kimi yeni hökumət üzvlərini təbrik edir və onlara uğurlar arzulayıram. Sözsüz ki, mən də bizə təqdim olunmuş büdcə zərfinin hazırlanmasına görə hökumət üzvlərinə öz dərin minnətdarlığımı bildirirəm.
Həqiqətən, ildən-ilə büdcə zərfimiz daha da mükəmməlləşir. Ancaq buna baxmayaraq, bəzən subyektiv hisslərə qapılıb daha çox tənqid edirik. Bu gün dünyanın iqtisadi cəhətdən hətta ən güclü dövlətlərində belə, qlobal maliyyə böhranı ilə bağlı büdcənin məhdudlaşdırılmasının, bir sıra hallarda layihələrin dayandırılmasının şahidi oluruq. Amma son 5 ildə dünyada baş verən maliyyə böhranına nəzərən ölkəmizə diqqət yetirsək, görərik ki, ölkəmizdə son 5 ildə ən böyük layihələr belə uğurla başa çatdırılıb. Elə bir layihə, elə bir dövlət proqramı yoxdur ki, maliyyə böhranına görə və ya başqa bir səbəbdən dayandırılsın. Əlbəttə, bu da bizim hər birimizi bir azərbaycanlı kimi qürurlandırır. Möhtərəm Prezidentimizə minnətdarıq ki, onun apardığı uğurlu daxili və xarici siyasət nəticəsində bu gün Azərbaycan bölgənin ən gözəl ölkəsi olaraq, təkcə Cənubi Qafqazın deyil, eləcə də Avropanın inkişaf etmiş ölkələri, şəhərləri ilə rəqabətə girə bilmək iqtidarındadır. Bu da bizim ildən-ilə mükəmməlləşən, güclənən və dövlət siyasətinin prioritet sahələrini əhatə edən büdcəmizlə bağlıdır.
Bu gün hörmətli maliyyə nazirinin təqdim etdiyi dövlət büdcəsi layihəsi əvvəlki büdcələr kimi 2014-cü ildə hökumətin icra edəcəyi, həyata keçirəcəyi prioritet məsələlərə yönəlib. Eyni zamanda, möhtərəm Prezidentimizin həyata keçirdiyi siyasətə sadiq olaraq sosial yönümlüdür, investisiya yönümlüdür. Ən mühüm cəhətlərdən biri də odur ki, dövlət büdcəsinin neftdən asılılığı gündən-günə azalır. Bu da qeyri-neft sektorunun ildən-ilə daha da inkişaf etdiyini göstərir. Biz də iqtidar nümayəndələri kimi bununla fəxr edirik.
Təbii ki, mən də büdcə zərfinə səs verəcəyəm. Arzu edirəm ki, büdcəmiz bundan da güclü, zəngin olsun. Mən həmkarlarımın səsləndirdikləri fikirlərə, təkliflərə qoşuluram. Amma qısaca olaraq öz təkliflərimi də diqqətinizə çatdırmaq istəyirəm.
Vaxtilə 70–80 illik qüdrətli sovet dövründə şəhərlərlə kəndlər arasında, şəhərlərlə rayonlar arasında fərqin aradan götürülməsinə çox cəhdlər edilsə də, buna qismən nail olundu. Amma bu gün qısa müddət ərzində bütün bölgələrimiz inkişaf etdirilir. Şəxsən mən Şəmkirdən seçilən bir millət vəkili kimi deməyi özümə borc bilirəm ki, 2007-ci ildə möhtərəm Prezidentimiz Şəmkirdə olarkən Şəmkiri qonşu ölkələrin başkəndinə, paytaxtına, bu yaxınlarda Prezident seçkiləri öncəsi Şəmkirə səfəri zamanı isə Avropanın şəhərlərinə bənzətmişdir. Bu, həqiqətən də, belədir. Bu fikri təkcə biz deyil, Azərbaycana səfər edən xarici ölkələrin nümayəndələri də səsləndirirlər.
Mən ucqar dağ kəndlərindən seçildiyim üçün bunu deməyi özümə borc bilirəm ki, 2014-cü ildə hökumətimiz ucqar dağ kəndlərinin problemlərinin həllinə, xüsusilə ən vacib infrastruktur layihələrinin həyata keçirilməsinə vəsait ayırsa, yaxşı olar. Ona görə ki, urbanizasiya nəticəsində dağ kəndlərimizdə gənclərin müvəqqəti, guya iş üçün yavaş-yavaş kəndləri tərk etməsi və sonra kəndə dönməməsi ucbatından burada demoqrafiya sahəsində müəyyən problemlər yaranır. Bu kəndlərdə su, işıq problemi yoxdur, qaz da, demək olar ki, 90 faizdən yuxarı təmin olunub. Burada, xüsusilə yol layihələrinin həyata keçirilməsinə, gənclərin məşğulluğu ilə bağlı mədəniyyət mərkəzlərinin, gənclər mərkəzlərinin, məşğulluq mərkəzlərinin yaranmasına çox ehtiyac var. Əminəm ki, 2014-cü ildə hökumətimiz bu məsələləri nəzərə alacaqdır.
Mənim seçildiyim Şəmkirdə 8 natamam məktəb var. Uşaqlar bu məktəblərin 9-cu sinfini bitirdikdən sonra orta təhsillərini davam etdirmək məqsədi ilə qışın soyuğunda çətin, keçilməz yollarla başqa kəndlərə piyada getməyə məcbur olurlar. Bu gün Azərbaycanda, Bakıda olan özəl məktəblərdə xüsusi servislər, yəni məktəblərin nəqliyyat vasitələri var. Maddi-texniki bazanın zənginləşməsi, gücləndirilməsi çərçivəsində kənd bölgələrində, ucqar dağ kəndlərində olan məktəblərin də nəqliyyat vasitəsi ilə təmin olunması çox vacibdir. Şəxsən mənim seçildiyim dairədə şagirdlər təhsillərini davam etdirmək üçün nəinki Şəmkirin, hətta Gədəbəy rayonunun kəndlərinə piyada gedirlər. Hesab edirəm ki, bu təkcə Şəmkirdə deyil, digər ucqar bölgələrdə də ciddi problemdir. Əminəm ki, 2014-cü ildə Təhsil Nazirliyi, eləcə də hökumət bu problemi nəzərə alacaqdır.
Əminəm ki, şəhid ailələrinin, Qarabağ əlillərinin mənzil şəraitinin yaxşılaşdırılması 2014-cü ildə daha da sürətlənəcək. Çünki bütün bölgələrdə bununla bağlı evlər tikilsə də, şəhid ailələrinin, eləcə də Qarabağ əlillərinin mənzil təminatını yaxşılaşdırmaqla bağlı görülən işləri qənaətbəxş hesab etmək olmaz. Ona görə arzu edirəm ki, qarşıdakı illərdə onların həm mənzil şəraiti yaxşılaşdırılsın, həm də sosial evlərin tikilməsi sürətləndirilsin. Bu təkliflərin nəzərə alınmasını xahiş edirəm.
Hörmətli Samir müəllim dövlət büdcəsindən ayrı-ayrı sahələrə ayrılan vəsaitləri qeyd edərkən mənim fikrimi bir məsələ cəlb etdi. Bununla bağlı hörmətli Əli Hüseynli də öz fikrini bildirdi. Həqiqətən də, kommunal sahədə ciddi islahatların aparılmasına ehtiyac var. Kommunal sahəyə ayrılan xərclər 12 faizdir, amma bu gün Bakıda elə bir adam yoxdur ki, yeni tikililəri nəzərə almasaq, liftdən, məişət tullantılarının daşınmasından, istilik təminatından razı qalsın. Hətta Bakının rayonlarında məişət tullantılarının təmizlənməsi belə mərkəzləşdirilmiş formadadır. Bu problemləri bələdiyyə strukturları da həll edə bilərdi. Kommunal sahəyə ayrılan xərclər 12 faiz olduğu halda, ən vacib sahələr olan, hər kəsin umduğu, küsdüyü təhsil və səhiyyəyə 7–8 faiz ayrılması, əlbəttə ki, bizim tələbimizə uyğun gəlmir.
Ucqar bölgələrdə işsizliyin aradan qaldırılması, xüsusilə qadınlar arasında məşğulluğun, kiçik sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı xüsusi layihələrin həyata keçirilməsi də çox vacibdir.
Burada çox hörmətli həmkarım İlham müəllim səhiyyə sahəsində görülmüş işlərlə bağlı məlumat verdi. Həqiqətən də, bu gün Azərbaycanın bütün bölgələrində çox böyük səhiyyə infrastrukturları yaradılır. Amma bu, əlbəttə ki, yetərli deyil. Mən xüsusilə hepatit C xəstəliyi barədə fikrimi bildirmək istəyirəm. Bu gün hepatit C xəstəliyi xərçəng kimi, vərəm kimi, QİÇS kimi ən qlobal, təhlükəli problemlər, sosial xəstəliklər sırasındadır. Artıq ölkəmizdə şəkər xəstəliyi, dializ məsələsi həll olunubdur. Azərbaycanın bütün bölgələrində dializ mərkəzləri açılıb. Amma bir neçə il bundan qabaq biz bir dializ xəstəsinin dövlət proqramı hesabına dövlət səhiyyə müəssisələrində dializ olunması üçün ən yüksək səviyyədə xahiş edirdik. Çox şükür ki, bu problem həll olunub. Bu gün hepatit C xəstəliyi həm dünyada, həm də Azərbaycanda hədsiz dərəcədə artıb. Ona görə də hepatit C xəstəliyi ilə bağlı dövlət proqramının qəbul olunmasına və dövlət proqramı çərçivəsində müalicəsinə çox böyük ehtiyac var.
Artıq neçə illərdir ki, “Tibbi sığorta haqqında” Qanun qəbul olunub, agentlik yaradılıb...
Sədrlik edən. Sağ olun, Məlahət xanım. Tahir Rzayev.
T.Rzayev. Çox sağ olun. Hörmətli sədarət, hörmətli deputat həmkarlarım və dəvət olunmuş qonaqlar! Prezident seçkiləri Azərbaycan xalqının öz rəhbərinə, cənab İlham Əliyevə sonsuz hörmət və ehtiramının ifadəsinə çevrildi. Bu həm də həyata keçirilən uğurlu daxili və xarici siyasətə xalqın dəstəyi idi. İnsanlar ölkəmizin iqtisadi yüksəlişini, ildən-ilə yaxşılaşan həyat şəraitini, regionların mədəni simasının dəyişməsini yaxşı görür və yüksək qiymətləndirirlər. Dövlət büdcəsinin dinamik artımı və sosial yönümlü olması, vəsaitin mühüm sahələr üzrə düzgün istiqamətləndirilməsi nailiyyətlərimizi təmin etməklə yanaşı, büdcə siyasətinin səmərəli aparıldığını göstərir.
Müzakirəyə təqdim olunan 2014-cü ilin dövlət büdcəsi layihəsi də inkişafımızı qiymətləndirmək baxımından əhəmiyyətlidir. Bu sənəddə ölkəmizin beynəlxalq aləmdə, sosial-iqtisadi sahədə, büdcə siyasətinin təkmilləşdirilməsində, insanların rifah halının yaxşılaşdırılmasında, bu günümüz və sabahımız üçün əhəmiyyətli olan iri layihələrin həyata keçirilməsində əldə etdiyimiz nailiyyətlər, qarşıda duran vəzifələri yerinə yetirmək üçün göstərilən səylər ətraflı açıqlanmış və gələcəkdə daha yüksək göstəricilərin əldə edilməsinə inam ifadə olunmuşdur. Mən büdcə layihəsini dəstəkləyirəm və onun qəbul olunmasına səs verəcəyəm.
Dövlət büdcəsinin formalaşdırılması yalnız bu sahə ilə məşğul olanların deyil, hər bir vətəndaşın vəzifəsidir. Qəpik-qəpik, manat-manat toplanan vəsaitləri milyardlara çevirib ölkənin və xalqın rifahına sərf etmək, gələcək inkişaf üçün zəmin yaratmaq, büdcə itkisinə, israfçılığa yol verməmək ən böyük vətənpərvərlikdir. Buna görə büdcəmizin formalaşmasında əməyi olan hər bir kəsə öz minnətdarlığımı bildirirəm.
Layihədə əksini tapan yüksək göstəricilər, nəticələr barədə danışmaq fikrində deyiləm. Əlbəttə, bu nəticələr dünyanın mötəbər maliyyə qurumları tərəfindən yüksək qiymətləndirilir və hər birimizi sevindirir. Bununla bərabər, hər birimiz dövlət büdcəsinin daha zəngin olmasını, büdcə vəsaitinin düzgün istiqamətləndirilməsini, vergilərin səmərəli toplanmasını istəyirik. Ancaq bəzən müəyyən şəxslərin laqeydliyi üzündən milyonlarla vəsaitin itirilməsinin şahidi oluruq.
Bir nümunə gətirmək istəyirəm. Bu gün respublikada yüz minlərlə fərdi yaşayış evinin qiymətləndirilməməsi, onlara hüquqi sənədlərin verilməməsi insanları narahat etməklə yanaşı, həm də hər il on milyonlarla vəsaitin itirilməsinə səbəb olur. Bu, yerli büdcəyə, bələdiyyələrin fəaliyyətinə ciddi ziyan vurur. Onlar əmlak vergisini toplaya bilmirlər. Bir çox fərdi yaşayış evinin tikintisində vətəndaşların, icra strukturlarının, bələdiyyələrin, bu sahəyə məsul olan hər bir kəsin səhvi ola bilər. Ancaq indi köhnə evlərin tikintisində kimlərin günahkar olduğunu araşdırmaq yox, gələcəkdə belə halların baş verməməsi üçün onların qarşısını almaq, uzun illər tikdirdiyi evinə qeydiyyata düşə bilməyən, ünvanını tanımayan, övladlarını başqa-başqa yerlərdə qeydiyyata aldıran insanların narahatçılığına son qoymaq vacibdir. Bu istiqamətdə hörmətli Prezidentimizin göstərişləri, sözsüz, yerinə yetirilməlidir.
Bələdiyyələrə dövlət tərəfindən 5,2 milyon manat vəsaitin ayrılması yaxşı haldır. Ancaq ölkədə 1716 bələdiyyə olduğu üçün bu vəsait cüzidir və heç bir bələdiyyənin tələbini ödəmir. Yaxşı olar ki, büdcədən ayrılan bu vəsait bütün bələdiyyələr üçün deyil, öz işini nümunəvi quran, müəyyən layihələri həyata keçirməyə qadir olan 80–100 bələdiyyə arasında bölünsün. Belə olan halda həmin bələdiyyələr müəyyən bir iş görə bilərlər. Bu minvalla bir neçə il ərzində yüzlərlə bələdiyyənin maliyyə vəziyyətini yaxşılaşdırmaq olar.
Hörmətli Prezidentimiz cənab İlham Əliyevin qayğı və diqqəti sayəsində Ağcabədi bu gün regionda müasir və gündən-günə abadlaşan bir məkana çevrilmişdir. Başda Artur müəllim olmaqla hökumət üzvlərinin də Ağcabədiyə qayğısı daim hiss olunmaqdadır. Rayonun sosial inkişafı, xüsusilə əhalinin içməli suya və əkin suyuna olan tələbatının ödənilməsi üçün son illər ərazidə xeyli işlər görülmüş, meliorativ tədbirlər həyata keçirilmiş, əlavə nasos stansiyaları qurulmuşdur. Bunun üçün rayon sakinləri adından müvafiq orqanlara minnətdarlığımı bildirirəm. Bununla yanaşı, rayonun Xocavənd, Avşar, Qaradolaq kəndlərinin əkin suyuna olan tələbatını ödəmək üçün nasos stansiyalarının quraşdırılmasına da böyük ehtiyac var. Çünki bu kəndlərin minlərlə sakini torpaqları əkib-becərməkdə çox çətinlik çəkir.
Ağcabədidə fəaliyyət göstərən Müəllimlər İnstitutunun rayon filialı üçün yeni binanın tikilməsi bütün ağcabədililərin ürəyindən olardı. Rayonda belə bir təhsil ocağının olması bütün region üçün əhəmiyyətlidir. Düşünürəm ki, rayon sakinlərinin arzusunu nəzərə almaqla instituta yeni binanın tikilməsinə lazımi təşəbbüs göstəriləcəkdir.
Digər təklifim Qarabağ əlillərinə yaşayış evlərinin tikintisi ilə əlaqədardır. Dövlətimizin Qarabağ əlillərinə göstərdiyi qayğı və diqqət ən böyük hörmətə layiqdir və insanlar bunu yüksək qiymətləndirirlər. Ancaq əlillər üçün rayon mərkəzlərində tikilmiş mənzillərə köçmək bir çox əlilin ürəyincə deyil. Onlar öz kəndlərində, əzizlərinin yanında olmaq, digər tərəfdən həyətyanı sahələrində ailələri ilə birlikdə təsərrüfatı idarə etmək, əkib-becərmək istəyirlər. Gələcəkdə dövlət büdcəsindən əlillər üçün mənzil tikintisinə vəsait ayrılarkən bu amillərin nəzərə alınması, onlara yaşadığı ərazidə mənzil tikilməsi yaxşı olardı.
Yerli icra hakimiyyəti orqanları işçilərinin maaşı azdır. Elə bilirəm, bu barədə düşünməyə dəyər. Mən büdcə layihəsini təqdir edirəm və deputat həmkarlarımı ona səs verməyə çağırıram. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Yaqub Mahmudov.
Y.Mahmudov. Sağ olun, Ziyafət müəllim. Hörmətli Milli Məclis üzvləri, qonaqlar, hökumət üzvləri! Mən öncədən heç bir geniş izahat vermədən dövlət büdcəsi layihəsinə daxil olan bütün sənədlərin qəbul olunmasını təklif edirəm. Ona görə ki, bu sənədlər və bugünkü müzakirə, hörmətli maliyyə nazirinin çıxışı çox aydın şəkildə göstərdi ki, Azərbaycanda artıq oturuşmuş büdcə mədəniyyəti var. Təqdim edilən büdcə layihəsində ölkənin inkişafını təmin edəcək məbləğlərin, rəqəmlərin əks olunması düşünülmüş müdrik iqtisadi siyasətin, düzgün büdcə siyasətinin nəticəsidir. Əvvəlki illərin büdcələri, möhtərəm Prezidentimizin başçılığı ilə yürüdülən iqtisadi siyasət bu büdcənin yüksək səviyyədə hazırlanmasına zəmin yaratmışdır.
Mən millət vəkillərinə müraciət etmək istəyirəm. 2014-cü ilin büdcə layihəsində olan bəzi çatışmazlıqları ortaya qoyarkən, unutmayın ki, bu, müharibə vəziyyətində olan bir ölkənin büdcəsidir. Yəni biz doğru olaraq vəsaitimizin xeyli hissəsini Azərbaycanın gələcək qələbəsini təmin etmək üçün ayırırıq. Bu baxımdan da mən bu büdcəni real büdcə hesab edirəm və onun qəbul olunmasını təklif edirəm. Digər tərəfdən onu da unutmayaq ki, Azərbaycan bu inkişafa güclü xarici təzyiqlərin olduğu şəraitdə nail olub. Ona görə də bugünkü büdcə zərfi bütövlükdə Azərbaycanın böyük nailiyyətidir.
Mən bir Azərbaycan vətəndaşı olaraq bu büdcəni təqdirəlayiq hesab edirəm, ona görə ki, burada hər şeydən əvvəl Azərbaycan vətəndaşı nəzərdə tutulub. Hiss olunur ki, gələn il camaatımızın – alimlərin, həkimlərin, müəllimlərin, təqaüdçülərin vəziyyəti bu ilə nisbətən xeyli yaxşılaşacaq. Bu, büdcənin sosial yönümlü olması ilə əlaqədardır və əlbəttə, bizi sevindirir.
Digər tərəfdən bu büdcə layihəsində insan kapitalının nəzərə alınması çox müsbət haldır. Çünki gələcəkdə güvəndiyimiz bütün ehtiyatlar tükənə bilər. O zaman insan zəkası cəmiyyətin, dövlətin əsas dolanışıq vasitəsi olacaq. 2014-cü ilin dövlət büdcəsində insan kapitalına xüsusi yer verilməsini, elmin, təhsilin, səhiyyənin inkişafına diqqətin artırılmasını, elm fonduna ayrılan vəsaitin artırılmasını təqdirəlayiq hal hesab edirəm. Bütün bunlar onu göstərir ki, büdcə zərfinə daxil olan sənədlər hazırlanarkən dövlət başçısı İlham Əliyevin Azərbaycanda insan kapitalının inkişafı ilə bağlı müdrik siyasəti nəzərə alınmışdır.
Digər tərəfdən büdcə layihəsi onu göstərir ki, regionlarımız daha da inkişaf edəcək, camaatımızın rayonlardan şəhərə, Bakıya axışması və bununla bağlı yaranan problemləri xeyli yüngülləşəcək, regionların inkişafı təmin olunacaq.
Əlbəttə, mən bütün bunlarla yanaşı, bəzi təkliflərimi də vermək istəyirəm. Burada qeyri-neft sektorundan çox danışıldı. Bildirmək istərdim ki, qeyri-neft sektorunda camaatımızın vəziyyətini yaxşılaşdıracaq, az vaxt içərisində inkişafı təmin edəcək əsas sahələrdən biri turizmin inkişafıdır. Bu baxımdan hörmətli maliyyə nazirindən xahiş edirəm ki, xüsusilə Azərbaycanın Şimal-Qərb rayonlarında turizmin inkişafı üçün vəsaitin ayrılmasına diqqət artırılsın.
Mən buradan cənab Prezidentə seçicilərimin dərin minnətdarlığını yetirmək istəyirəm. Dalana dirənib qalan Şəkidə iki ilin içərisində keçmiş teatr binası təmir olundu, yeni yay teatrı tikildi. Eyni zamanda, tarixi abidələrimiz bərpa olunur. Amma bu iş lazımi sürətlə getmir. Bu region turistləri daim cəlb edir, ona görə də burada turizmin inkişafına, abidələrin bərpasına xüsusi diqqət ayırmalıyıq. Xahişim ondan ibarətdir ki, büdcə formalaşdırılarkən başqa amillərlə yanaşı, rayonlarda, regionlarda olan tarixi abidələrin, tarixi şəhərlərin dirçəlməsinə də diqqət yetirilsin.
Azərbaycanın elə tarixi şəhərləri var ki, onlar YUNESKO-nun “Dünya İrs Siyahısı”na salınarsa, Azərbaycanın inkişafının daha sürətlə getməsi təmin oluna bilər. Bu baxımdan Şəkidəki görüşlərin birində Şəki camaatı cənab Prezidentdən xahiş etdi ki, Şəkinin YUNESKO-nun “Dünya İrs Siyahısı”na salınması məsələsinə baxılsın. Şəkidə xeyli tarixi abidə var. Amma bunların çoxu təmir olunmamış vəziyyətdədir. Ona görə də xahiş edirəm ki, Şəkidəki, ümumiyyətlə, regionlarımızdakı tarixi binaların təmir olunması üçün vəsait əsirgənməsin.
İkinci. Sovet imperiyasına qarşı ən qüdrətli xalq hərəkatı 1930-cu ildə Şəkidə qalxan üsyan idi. Bu üsyan Şəkinin Baş Göynük kəndində başlayıb. Bu üsyançıların hamısını güllələyib öz əlləri ilə qazılmış quyulara doldurublar. Həmin ərazidə tarixi abidənin ucaldılmasına çox böyük ehtiyac var. Cənab Prezidentə təşəkkürümü bildirirəm ki, Aşağı Göynük – Baş Göynük – Baş Şabalıd yolunun çəkilməsi üçün öz fondundan 2 milyon yarım vəsait ayırdı.
Eyni zamanda, nəqliyyat nazirinə, “Azəryolservis”ə, Cavid müəllimə də minnətdarlığımı bildirirəm. Bu yolun inşası sürətlə gedir və o həmin abidənin yanından keçir. Ona görə də mən hörmətli maliyyə nazirindən xahiş edirəm ki, burada möhtəşəm bir soyqırımı abidəsinin ucaldılması büdcədə mümkün qədər nəzərə alınsın. Bu, Azərbaycan reallıqlarının xarici ölkələrə çatdırılması üçün də son dərəcə əhəmiyyətlidir.
Üçüncü təklifim daha vacibdir. Xahiş edirəm, bu məsələyə millət vəkilləri də, maliyyə sistemində çalışanlar da diqqət yetirsinlər. Ermənilər 2015-ci ildə yalançı soyqırımının 100 illiyini keçirəcəklər. Bunun üçün çox ciddi hazırlıq işləri gedir. Müəyyən adamları ələ almaqdan tutmuş filmlərin çəkilməsinə qədər müxtəlif tədbirlər görürlər. Çox təəssüf ki, hətta Roma Papası da orada yas saxlamağa söz verib. Buna görə Azərbaycanda da 2015-ci ilə ciddi hazırlıq işləri getməlidir. Filmlər hazırlanmalı, soyqırımı ilə əlaqədar abidələr bərpa olunmalıdır.
Biz Tarix İnstitutunda Azərbaycanın hər bir rayonunda törədilən soyqırımları haqqında kitablar hazırlamışıq. Bu kitabları Prezidentin göstərişi ilə bütün dünya dillərinə tərcümə etməliyik. Bunun üçün bizim təxminən il yarım vaxtımız qalıb, gözləmək olmaz. Bu layihənin bir hissəsini cənab Prezidentin ayırdığı vəsaitlə reallaşdıra bilərik. Amma ümumiyyətlə, bu informasiya müharibəsində qalib gəlmək üçün lazım olan vəsait ayrılmalıdır.
Hörmətli maliyyə nazirimiz həmişə bizim təkliflərə çox real baxır. Tarix İnstitutundakı bugünkü çap işləri birbaşa maliyyə nazirinin xidmətidir. Biz 2015-ci ildə erməni faşistlərinə sözümüzü deməliyik. İşğal olunmuş rayonlarımızda dağıdılan abidələrə əsərlər həsr olunmalı, həmin əsərlər müxtəlif dillərdə çap edilməlidir. Qubadlıya və işğal olunmuş digər regionlara kitablar həsr etmişik. Maliyyə nazirinə bununla bağlı xüsusi proqram təqdim edəcəyəm. Xahiş edirəm, bu məsələ gələn ilin büdcəsində müəyyən qədər nəzərə alınsın.
Mən bir məsələni də xüsusi vurğulamaq istəyirəm. Noyabr ayının 14–15-də Dərbənddə Qafqaz Albaniyasında – Azərbaycan Albaniyasında xristianlığın qəbul olunmasının 1700 illiyi ilə bağlı konfrans keçirilir. Bizə qarşı təxribat mərkəzini artıq İrəvandan, Tehrandan və başqa qonşu ölkələrin paytaxtlarından Dərbəndə köçürüblər. Konfransda bizim nümayəndələrin də iştirak etmələri üçün müraciət etmişik. Ancaq rədd cavabı verilib ki, lazım olsa, çağırarıq. Azərbaycan dövlətinin ərazisində xristianlığın qəbul olunmasının 1700 illiyi nə üçün Dərbənddə keçirilməlidir? Nə üçün Azərbaycan alimləri ora buraxılmamalıdır?
Bir məsələni də diqqətinizə çatdırmaq istəyirəm. Azərbaycanda Tarix İnstitutu adlanan bir institut var. Prezident öz sərəncamı ilə bu institutu tarix sahəsində elmi tədqiqat işlərinin mərkəzi kimi qiymətləndirir. Amma Qafqaz Albaniyası məqsədli qrantı Elmin İnkişafı Fondu xətti ilə ayrılıb. Bu məsələni Tarix İnstitutu ilə məsləhətləşmək lazım idi.
Bizim əlimizə keçən layihədə Nicdən başqa, Ağstafada, Balakəndə, Zaqatalada, Qaxda, Qəbələdə, Gəncədə, Bakıda xristian kilsələrinin açılması nəzərdə tutulur. Azərbaycan tolerant ölkədir. Biz bunu alqışlayırıq. Amma tolerantlığın indiki vəziyyətini tarix yaradıb. Bu müvazinətin pozulmasına imkan verilməməlidir. Tolerantlıq tarixin bizə verdiyi yadigardır. Bu yadigara kənardan əl uzadılmasına imkan vermək olmaz.
Baxın, Dərbənddəki konfrans və ölkəmiz daxilində gedən gizli iş, beynəlxalq alban gününün, beynəlxalq kilsə gününün qeyd edilməsi, beynəlxalq fondun yaradılması və sair. Bunlar məqsədli şəkildə görülən tədbirlərdir.
Bu sənəd bütün nazirliklərə göndərilib. Elçin müəllimə də göndərilib. Ona görə də sizdən xahiş edirəm ki, bu məsələdə Tarix İnstitutunun təklifi nəzərə alınsın, Nicdə kilsəmiz var, sadəcə, bərpa olunsun. Kim hansı dini istəyir, qəbul edə bilər. Amma bunun üçün Azərbaycanda xristian kilsəsi şəbəkəsi yaratmaq ölkəni daxildən parçalamağa yönəlmiş işdir. Ona görə də mən bu məsələni Milli Məclis üzvlərinin və hökumətin diqqətinə çatdırmaq istədim.
Büdcə zərfinə daxil olan bütün sənədlər yüksək səviyyədə hazırlanıb, mən ona səs verəcəyəm, həmkarlarımı da səs verməyə çağırıram. Sağ olun.
Sədrlik edən. Sağ olun, Yaqub müəllim. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm. Hörmətli Ziyafət müəllim, hörmətli hökumət üzvləri, hörmətli millət vəkilləri! Mən ilk öncə maliyyə naziri Samir Şərifovun çıxışından bir neçə mühüm məqamı vurğulamaq istəyirəm. Onlardan biri ondan ibarətdir ki, artıq hökumət neftin kölgəsindən çıxaraq daha alternativ mənbələri səfərbər etməklə gəlir əldə edəcək. Bundan sonrakı dövrdə daha çətin qazanılan pullarla işləməli olacağıq. Ona görə də elə bilirəm ki, parlament üzvləri əlavə maliyyə vəsaiti tələb edən yönləri qabartmayacaqlar, büdcənin hazırkı şəraitində yönləndirilən vəsaitlərin nə qədər effektiv, təyinatlı olduğunu qiymətləndirməyə çalışacaqlar.
Bununla bağlı mənim də bir neçə təklifim var. Lakin mən ilk növbədə əldə etdiyimiz nailiyyətləri qiymətləndirmək istərdim –hökumət qlobal böhranın Azərbaycan büdcəsinə daha az ziyan vurmasına çalışdı, manat dövriyyədə tədavül vasitəsi kimi gücü saxlanıldı, neftə alternativ iqtisadi sahələrdən biri kimi xarici ölkələrə investisiyalar qoyuldu. Bu amillər bizi mövcud risklərdən xeyli dərəcədə qorumaqdadır.
Əgər biz büdcəni bütövlükdə əhali üçün qəbul ediriksə, atdığımız addımların vətəndaşlarımız tərəfindən necə qiymətləndirildiyinə önəm verməliyik. Samir müəllim qeyd etdi ki, biz bu il Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə maaşlarını 10 faiz artırdıq. Əlbəttə, bu mühüm addımdır. Lakin Vahid Tarif Cədvəli Sovet dövründən qalıb. Burada maaşlar 1-dən 19-a qədər olan ödəniş dərəcələrinə əsasən 93 manatdan 644 manatadək müəyyən edilib.
Artımın bu əmsallar əsasında həyata keçirilməsini özündə ifadə edən Vahid Tarif Cədvəlini tamamilə yeniləşdirməyin vaxtı çatıb. Çünki həmin 10 faiz artım aşağı kateqoriyalara aid işçilərin maaşlarının maksimum 1 manat artmasına səbəb olur. Ona görə də bu artım insanlarımız tərəfindən qeyri-ciddi qarşılanır. Halbuki dövlət baş verən inflyasiya fonunda ümumən əhalinin sosial şəraitinin yaxşılaşdırılması üçün bu addımları atır. Amma Vahid Tarif Cədvəli hökumətin bu xoş məramının həyata keçirilməsinə imkan vermir.
İkinci. Qeyd olunur ki, 2014-cü ildə kommunal xərclər, kommunal tariflər artırıla bilər. Çünki hökumət 2014-cü ildə ən azı 85 faizə yaxın ödəniş həyata keçirəcək. 641 milyon manat vəsait bu sahəyə yönəldiləcək. Beləliklə, biz yenə 2007-ci ildə yaranmış problemlə qarşı-qarşıyayıq. Xatırlayırsınızsa, o vaxt kommunal tariflər artırılanda deyilirdi ki, məsələn, bir kilovat-saat elektrik enerjisinin istehsalına çəkilən xərc vətəndaşlara satılan bu enerjinin qiymətindən daha artıqdır, biz qiymətləri artırmaqla bu sahənin rentabelli işləməyinə nail olacağıq və eyni zamanda, o sektorda çalışanlar daha yaxşı maaş alacaqlar. İndi 2014-cü ildir, amma bu problem hələ də həll olunmayıb.
Mən Samir müəllimin komitə iclasında səsləndirdiyi fikirlərə istinad etmək istəyirəm. O qeyd etdi ki, əhalinin aztəminatlı təbəqəsini başa düşürük, amma orta və daha varlı təbəqənin elektrik enerjisi, qaz və digər sahələr üzrə ödənişlərinə ehtiyac var. Onların imkanları böyükdür. Ölkənin qazının, mavi yanacağının təxminən 4 milyard kubmetrdən artığını sərf edən “Azərenerji” 12–13 iritutumlu elektrik stansiyasının yaradılmasına baxmayaraq, yenə də qeyri-rentabelli işləyir və vergi ödəmələrində 400 milyondan artıq borcu var.
“Barmek” və “Bayva” təcrübəsinin qüsurlu olmasına görə bu sahəni idarəetməyə verməmək yanlış addımdır. Ona görə də büdcə xərclərində bu sahəyə kifayət qədər böyük vəsaitlər ayrılır. Ancaq istənilən təbii fəlakət halında biz o problemləri yenə yaşayırıq. Düzdür, şükürlər olsun, Azərbaycan bu sahədə Ermənistanla müqayisə olunmayacaq dərəcədə güclüdür. Bu yaxınlarda Ermənistanda İrandan alınan enerji kəsildiyinə görə ölkə bir günün içərisində zülmətə bürün-müşdü. Yəni Azərbaycan enerji baxımından xarici ölkələrdən asılı deyil. Amma bu sahəyə çəkilən xərclər kifayət qədər böyükdür.
Mənzil-kommunal təsərrüfatı sisteminə 457 milyon manat vəsait ayrılmışdır. Təxmini hesablamalara görə, Bakıda mənzil fondunun 25–30 faizi yenilənibdir. Hamıya məlumdur ki, sakinlər özlərinin yaratdığı kooperativlərə 50–60 manat vəsait ödəyirlər. Digər tərəfdən Mənzil-İstismar Sahələri də mənzil haqları yığmaqdadırlar. Bütün bunlarla yanaşı, bu sahəyə 457 milyon manat vəsaitin ayrılması böyük itkidir. Hörmətli Əli Hüseynli də çıxışında qeyd etdi ki, yeni Mənzil Məcəlləsinə görə JEK-lərin fəaliyyəti tamamilə qanunsuzdur. Ona görə də bu itkilərin, məsrəflərin qarşısını almalıyıq.
Mən ötən dəfə təklif etmişdim ki, müəllimlərə dövlət qulluqçusu adı verilsin. Başa düşüləndir ki, orta məktəblərdə 1 milyon 300 min şagird fonunda 180 min müəllim var. Bu göstərici orta Avropa normasından üç dəfə artıqdır. Yəni Avropada 20 şagirdə bir müəllim düşür, bizdə isə 7,4 şagirdə bir müəllim düşür. Birdən-birə attestasiya keçirib bu müəllimlərin 80 faizini çölə atmaq olmur. Kim attestasiyadan keçib dövlət qulluqçusu adını qazanacaqsa, o daha yüksək maaş alsın. Təbii ki, bu, özəl məktəblərə aid olmayacaq. Çünki dövlət qulluqçusu adı dövlət müəssisələrində çalışanlara verilir.
Mən başqa bir problemi qeyd etmək istəyirəm. Orta məktəblərimizdə kişi müəllimlərin, yəni kişi simalarının azalmasına milli bir problem kimi yanaşırıq. Çünki oğlanların hərbi xidmətdə adi çətinliklərə belə öyrəşə bilməməsi, adi problemlərdən münaqişələrin yaranması səbəblərindən biri də budur. Orta məktəblərdə təhsil kontingentinin 93 faizini xanımlar təşkil edirsə, biz, həqiqətən də, bunun milli problem olduğunu vurğulamalıyıq.
Həmkarlarım rayonlara verilən dotasiya məsələsinə toxundular. Ancaq hamısı bunun üzərindən keçdi. Mən komitə iclasında da vurğuladım ki, Tovuza, Cəlilabada və ya başqa rayonlara verilən vəsait 28–30 milyon, Ağdama verilən vəsait isə 33 milyon manatdır. Ağdamın cəmi 17 faizi Azərbaycandadır, 83 faizi işğal altındadır. Yəni rayonların fondlarına verilən dotasiyalar kifayət qədər yuxarıdır. Belə olan təqdirdə biz bu bölgələrə iqtisadi müstəqillik verməliyik, fərqli investisiya siyasətinin yürüdülməsi üçün onlara imkanlar tanımalıyıq. Rayonlar 1,6 milyard manat vəsaiti təkcə dotasiya ilə əldə edirlər, 727 milyon manat onların gəliridir.
Mən ticarət mərkəzləri ilə bağlı məsələyə toxunmaq istəyirəm. Əksər iri ticarət mərkəzlərində mülkiyyətə sahib olanlar, orada çalışanlar bildirirlər ki, hələ də onlarla mülkiyyət sahibi kimi davranmırlar. Əksər hallarda onların hüquqları pozulur, haqsızlıqlara etiraz etdikdə isə bu həmin mülkiyyətlərin yandırılması ilə müşayiət olunur. Mən bu yanğınların təbii səbəblərdən baş verməsinə inanmıram. Bu hadisələr bolşevik dövrünün iqtisadi sabotajlarını xatırladır. Ona görə də mən İqtisadiyyat və Sənaye Nazirliyindən xahiş edirəm ki, iri ticarət mərkəzlərində çalışan kontingentin haqlarını qorumaq üçün, onların aldığı, işlətdiyi yerə sahib olmaları üçün məsələ qaldırılsın.
Mən özəl məktəblərlə bağlı bir məsələni qeyd etmək istəyirəm. Bu barədə hörmətli Mübariz müəllim də fikrini bildirdi. Türk liseyləri Azərbaycan təhsilinin üzünü ağardan məktəblərdir. Dördüncü sinifdən başlayaraq şagirdləri qəbul edən bu məktəblər 6 il ərzində 60 min manata yaxın pul qazanırlar. Biz onlara qarşı deyilik, qazansınlar. Amma Azərbaycanda özəl məktəbləri stimullaşdırmaq lazımdır ki, dövlət bu işlərdən azad olsun. Mübariz müəllimin qeyd etdiyi kimi, özəl yerlərin, torpaqların ayrılması və digər stimullaşdırıcı təkliflərlə biz bu prosesi reallaşdıra bilərik.
Mən Qarabağa ayrılan vəsaitin büdcəyə ayrıca sətirlə daxil edilməsi məsələsini ötən il də qaldırmışdım. Bu çox önəmli bir məsələdir. Biz dünyaya bəyan edirik ki, Qarabağ ermənilərin separatizminə, Ermənistanın işğal siyasətinə baxmayaraq, bizim ərazimizdir. Amma büdcə layihəsində Qarabağı ayrı sətirlə göstərmirik. Biz dünyaya bəyan etməliyik ki, bəli, bu vəsait müəyyənləşib, amma sərf olunmur, çünki ermənilər Azərbaycan Konstitusiyasına tabe olmurlar. Bütövlükdə götürdükdə mən bu təkliflərin nəzərə alınacağına əminəm və bu sənədə səs verəcəyəm.
Sədrlik edən. Sağ olun, Zahid müəllim. Gülçöhrə Məmmədova.
G.Məmmədova. Çox sağ olun. Hörmətli sədarət, hörmətli hökumət nümayəndələri, hörmətli millət vəkilləri! Bu gün müzakirə etdiyimiz 2014-cü il dövlət büdcəsi layihəsi hamımızda sevinc hissi doğurur, ona görə ki, o, ölkəmizin inkişafını konkret rəqəmlərlə göstərən bir sənəddir. Sabit sosial-iqtisadi inkişafı təsdiqləyən bu rəqəmlər hər birimizi qürurlandırır.
Büdcə çox mükəmməl hazırlanmışdır, burada çıxış edən iqtisadçılar öz sözlərini dedilər. Mən də onların fikirlərinə qoşularaq, bir-iki rəqəmi vurğulamaq istəyirəm. Bütün mütərəqqi sosial-iqtisadi tədbirlərin maddi bazasını təşkil edən ümumi daxili məhsulun 2013-cü ildə 54 milyard 740 milyon manata çatdırılması, cari illə müqayisədə 4,5 faiz artacağının proqnozlaşdırılması qarşıya qoyulmuş mühüm inkişaf proqramlarının müvəffəqiyyətlə yerinə yetirilməsinə zəmanət verir. Ümumi daxili məhsulun 2014–2017-ci illərdə nəzərdə tutulan artım templəri də çox yüksəkdir. Belə ki, hər il 5 faiz, 6 faiz artım gözlənilir və bu da daha böyük sosial-iqtisadi nəticələrin əldə edilməsinə təminat verir.
2014-cü ilin dövlət büdcəsi barədə səslənən müsbət fikirlərə qoşularaq büdcəyə səs verəcəyimi bildirir və bu sənədin hazırlanmasında iştirak edən hökumət strukturlarının böyük əməyini qeyd etməyi vacib bilirəm. Bununla yanaşı, əlbəttə ki, müəyyən həll olunmayan məsələlər, problemlər barədə də danışmaq istəyirəm.
Deputat seçildiyim Goranboy, Ağdam, Tərtər bölgəsinin də cəbhə xəttində olan başqa rayonlar kimi xüsusi diqqət və qayğıya ehtiyacı var. Regionların inkişafı siyasətinin həyata keçirilməsi nəticəsində bu rayonlarda da bir çox müsbət dəyişikliklər edilmiş – çoxsaylı infrastruktur layihələri həyata keçirilmiş, məktəblər tikilmiş, rayonlar abadlaşmış, qaz xətləri çəkilmişdir.
Bütün bunlarla yanaşı, öz həllini gözləyən bir sıra məsələlər də var. Onların içərisində ən vacib olanı suvarma suyunun qıtlığıdır. Əvvəlki illərdə də büdcə barədə çıxışlarımda bu məsələ ilə bağlı seçicilərimin arzusunu diqqətinizə çatdırmışam. Həmin problemlə bağlı hökumət üzvlərinə də dəfələrlə müraciət etmişəm. Fürsətdən istifadə edərək bu müraciətlərə müsbət münasibət göstərən hökumət üzvlərinə başda hörmətli Artur Rasizadə olmaqla təşəkkür edirəm.
Su qıtlığının aradan qaldırılması ilə bağlı müəyyən işlər görülüb. Lakin yenə də bu problem tam həll olunmayıb. Dövlət proqramında nəzərdə tutulmuş Şəmkir maşın kanalının ikinci növbəsinin tikintisi həmin problemin həll edilməsində çox böyük əhəmiyyət kəsb edir. Yerli əhali bu kanalın tikilməsini böyük ümidlərlə gözləyir.
Bölgədə subartezian quyularının qazılmasına da böyük ehtiyac var. Xahiş edirəm, 2014-cü ilin büdcəsində Goranboy və Tərtər rayonlarında subartezian quyularının qazılması da nəzərə alınsın.
Rayonlarda qazlaşdırma prosesi uğurla həyata keçirilir və demək olar ki, 80–85 faizi ötüb. Ancaq bu hələ də qazla təmin olunmayan kəndlərin əhalisinin narahatlığını bir qədər də artırıb, çünki qonşuda qaz var, onlarda isə yoxdur. Prezident seçkiləri qabağı həmin rayonların əhalisi ilə keçirilən görüşlərdə ilk növbədə su və qazla bağlı problemlər səsləndirildi. Burada deyildi ki, 2014-cü ildə qazlaşdırma prosesi başa çatacaq. Ona görə də xahiş edirəm ki, Goranboy, Ağdam, Tərtər rayonlarında bu məsələnin mümkün qədər tez həll olunmasına köməklik göstərəsiniz.
Rayonlarda bir sıra sosial obyektlər də tikilib istifadəyə verilir. Goranboy şəhərindəki xəstəxananın təmirə böyük ehtiyacı var. Rayonun ərazisində başqa xəstəxanalar da var. Amma bu, mərkəzi xəstəxana olduğuna görə onun təmirinin 2014-cü ilin büdcəsinə salınmasını xahiş edirəm.
Təhsil işçisi olduğuma görə təhsil problemlərinə, təhsil xərclərinə diqqət yetirmək istəyirəm. 2014-cü ilin dövlət büdcəsində təhsil xərcləri 8 faiz artacaq. Bu da təhsil sahəsinə göstərilən dövlət qayğısının bariz nümunəsidir. Bu qayğı nəticəsində son illərdə, eləcə də 2013-cü ildə irimiqyaslı məktəblər tikilmiş, təhsilin, o cümlədən də ali təhsilin maddi-texniki bazası inkişaf etdirilmişdir.
Burada ali təhsillə bağlı tənqidi fikirlər səsləndi. Mən düşünürəm ki, biz inkişafa düzgün qiymət verməliyik. Bu gün ölkəmizin universitetləri çox gözəl inkişaf edir və bu inkişaf yalnız maddi-texniki bazanı deyil, eyni zamanda, təhsilin məzmununu, yeni texnologiyaların tətbiqini, informasiya texnologiyalarının, o cümlədən təhsilin kurikulumlarının, beynəlxalq əlaqələrin inkişafını əhatə edir. Biz görülən işlərə düzgün qiymət verməliyik. Mən hesab edirəm ki, son illər Azərbaycan təhsili, xüsusilə də ali təhsil çox böyük addımlarla irəliləyir. Əlbəttə, biz çox gözəl başa düşürük ki, bu, kifayət deyil. Təhsilin inkişafı ölkəmizin inkişaf sürətinə uyğun olmalıdır.
Bu günlərdə artıq təsdiq olunmuş, çap edilmiş Təhsilin inkişafı üzrə Dövlət strategiyası qarşımızda duran çox böyük vəzifələr, çox böyük işlər barədə məlumat verir. Bu strategiyanın həyata keçirilməsi üçün həm çox böyük zəhmət, əmək, həm də vəsait tələb olunur. Ancaq ali təhsilə ayrılan vəsait ötən il də azaldılmışdı, bu il də 1,7 dəfə azaldılıb. Bu, qarşıya qoyulan məqsədlərin icra olunmasında çətinliklər yaradacaq. Müasir inkişaf daha çox qayğı, daha çox vəsait tələb edir. Xahiş edirəm ki, bunu nəzərə alsınlar. Düzdür, qeyd edirlər ki, ali məktəblər özləri vəsait qazanmağı öyrənməli, bunun üçün yollar axtarmalıdır. Amma bizim adaptasiya sürətimizlə bu vəsaitin azalma sürəti eyni deyil. Ona görə mənə elə gəlir ki, bunlar nəzərə alınmalıdır.
Universitetlərin büdcəsi dövlət sifarişi ilə qəbul olunan, adambaşına maliyyələşdirilən və özəl təhsil alan tələbələrin təhsil haqları ilə formalaşır. Başqa gəlir var, amma çox azdır. Deməli, bu, tələbələrin təhsilinə verilən vəsaitdir. Universitetin elmi potensialının inkişaf etdirilməsinə isə demək olar ki, heç bir vəsait ayrılmır. 2014-cü ildə elm sahəsinə ayrılan vəsaitin 12,5 faiz artaraq 146 milyon manata çatacağı planlaşdırılır. Ölkənin elmi potensialının 50 faizindən çoxunu universitetlərdə çalışan alimlər təşkil etdiyinə görə, bu vəsaitin bir hissəsi universitetlərin elmi potensialının inkişaf etdirilməsinə yönəldilməlidir.
Təhsilin inkişafı üzrə Dövlət strategiyasında Təhsilin İnkişaf Fondunun yaradılması nəzərdə tutulur. Bu çox gözəl məqsəddir və biz səbirsizliklə bu fondun yaradılmasını gözləyirik. Çünki bu gün təhsil sahəsində aparılan islahatların...
Sədrlik edən. Sağ olun, Gülçöhrə xanım. Bizim vaxtımız artıq sona çatır. Sabah görüşərik, inşallah. Sağ olun.
 

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi