2013-ci il 15 mart tarixli iclasın stenoqramı

DÖRDÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
VIII  SESSİYASI  İCLASININ

PROTOKOLU  №  60

Milli  Məclisin  iclas  salonu.
15  mart  2013-cü  il.

İclasa  Azərbaycan  Respublikası  Milli  Məclisinin Sədri  O.Əsədov  sədrlik  etmişdir.


İclasda Milli Məclisin 112 deputatı iştirak etmişdir.

Qeydiyyat (saat 12.05 dəq.)
İştirak edir 106
Yetərsay 83

İclasa dəvət olunmuşlar:

Artur Rasizadə, Azərbaycan Respublikasının Baş naziri.
Elçin Əfəndiyev, Azərbaycan Respublikası Baş nazirinin müavini.
Əli Həsənov, Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri.
Abid Şərifov, Azərbaycan Respublikası Baş nazirinin müavini.
Fikrət Məmmədov, Azərbaycan Respublikasının ədliyyə naziri.
Samir Şərifov, Azərbaycan Respublikasının maliyyə naziri.
Şahin Mustafayev, Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri.
Füzuli Ələkbərov, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri.
İsmət Abasov, Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri.
Əbülfəs Qarayev, Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri.
Misir Mərdanov, Azərbaycan Respublikasının təhsil naziri.
Oqtay Şirəliyev, Azərbaycan Respublikasının səhiyyə naziri.
Əli Abbasov, Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri.
Natiq Əliyev, Azərbaycan Respublikasının sənaye və energetika naziri.
Yavər Camalov, Azərbaycan Respublikasının müdafiə sənayesi naziri.
Əlövsət Baxşıyev, Naxçıvan Muxtar Respublikasının Baş naziri.
Rüfət Aslanlı, Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri.
Aydın Əliyev, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri.
Hicran Hüseynova, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri.
Nazim İbrahimov, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri.
Kərəm Həsənov, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri.
Elşad İskəndərov, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri.
Səlim Müslümov, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri.
Elman Rüstəmov, Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin sədri.
Şahmar Mövsümov, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru.
Etibar Pirverdiyev, “Azərenerji” Səhmdar Cəmiyyətinin prezidenti.
Qorxmaz Hüseynov, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin prezidenti.
Yaşar Həsənov, “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədri.
Əhməd Əhmədzadə, Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri.
Kamran İmanov, Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri.
Natiq Əmirov, Azərbaycan Respublikası vergilər nazirinin birinci müavini.
Raqim Lətifov, Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini.
Firdovsi Əliyev, Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini.
Azad Nağıyev, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi sədrinin müavini.
Həmid Bağırov, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini.
Ağabala Hacıyev, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri.

Natiq Əzizov, Azərbaycan Respublikası Baş nazirinin köməkçisi.
Şahin Sadıqov, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının İqtisadiyyat və maliyyə-kredit siyasəti şöbəsinin müdiri.
Heydər Əsədov, Azərbaycan Respublikası Hesablama Palatasının sədri.
Adil Məhərrəmov, Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini.
Fazil Fərəcov, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin şöbə müdiri.
Ədalət Muradov, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin şöbə müdiri.
 
İclasın gündəliyinə aşağıdakı məsələ daxil idi:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci ildə fəaliyyəti haqqında hesabatı barədə.

Aşağıdakı məsələ müzakirə edilmişdir:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci ildə fəaliyyəti haqqında hesabatı barədə.

Çıxış etmişlər: Oqtay Əsədov, Artur Rasizadə, Musa Qasımlı, Azər Badamov, Qüdrət Həsənquliyev, Tahir Rzayev, Fuad Muradov, Mübariz Qurbanlı, Zahid Oruc, İqbal Ağazadə, Fazil Mustafa, Əli Əhmədov, Siyavuş Novruzov, Qənirə Paşayeva, Bəxtiyar Əliyev, Eldar İbrahimov, Etibar Hüseynov, Arif Rəhimzadə, Eldar Quliyev, Rüfət Quliyev, Əli Məsimli, Asəf Hacıyev, Jalə Əliyeva, İlyas İsmayılov, Leyla Abdullayeva, Astan Şahverdiyev, Musa Quliyev, Fərəc Quliyev, Mirkazım Kazımov, Əli Hüseynli, Fikrət Məmmədov, Fəzail Ağamalı, Elmira Axundova

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 17.59 dəq.)
Lehinə 104
Əleyhinə 2
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 107
Nəticə: Qəbul edildi

 

Azərbaycan  Respublikası
Milli Məclisinin Sədri 
O. ƏSƏDOV

 

MİLLİ  MƏCLİSİN  İCLASI

15  mart  2013-cü  il.  Saat  12.

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri
O.Əsədov  sədrlik  edir


Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! İclasa başlamamışdan qabaq mən xahiş edirəm, faciəli şəkildə həlak olmuş həmkarımız Hikmət Atayevin xatirəsini bir dəqiqəlik sükutla yad edək. (Hamı ayağa qalxır.) Allah rəhmət eləsin.
Hörmətli millət vəkilləri, xahiş edirəm, qeydiyyatdan keçəsiniz.

Qeydiyyat  (saat 12.05 dəq.)
İştirak edir  106
Yetərsay  83

Çox sağ olun, yetərsay var, iclasımıza başlaya bilərik.
Hörmətli cənab Baş nazir və hökumət üzvləri!
Hörmətli millət vəkilləri!
Xanımlar və cənablar!
Bu gün Milli Məclisin yaz sessiyasının beşinci iclasıdır və qanunvericiliyə uyğun olaraq Nazirlər Kabineti 2012-ci ildə fəaliyyəti barədə hesabat verir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatında baş verən dinamik dəyişikliklər Nazirlər Kabinetinin Milli Məclisə təqdim etdiyi hesabatda dəqiq əksini tapmışdır. Dünya iqtisadiyyatında tənəzzülün davam etdiyi bir dövrdə ölkəmizin yüksək makroiqtisadi göstəricilər əldə etməsi, regionda həyata keçirilən transmilli layihələrdə aparıcı rol oynaması, dövlət proqramlarının uğurla icra edilməsi diqqəti cəlb edən məqamlar sırasındadır.
Burada ən önəmli cəhət ümumi daxili məhsul istehsalında 2,2 faiz, qeyri-neft sektorunda isə 9,7 faiz artımın əldə edilməsidir. Bu o deməkdir ki, adambaşına ümumi daxili məhsulun həcmi 7,5 min dollara çatmışdır.
Azərbaycanın 2012-ci ildəki uğurları beynəlxalq maliyyə qurumları və reytinq agentlikləri tərəfindən yüksək dəyərləndirilmişdir. Bu, dünya iqtisadiyyatına sürətlə inteqrasiya edən ölkəmizin nüfuzunun mühüm bir göstəricisidir.
Ötən il sahibkarlığın inkişafı, qeyri-neft sektoruna investisiya qoyuluşları üçün əlverişli şərait yaradılması, qabaqcıl texnologiyaların tətbiqi yolu ilə dünya bazarlarına rəqabət qabiliyyətli məhsulların çıxarılması, ərzaq təhlükəsizliyinin təmin olunması, insan amili potensialından daha dolğun istifadə edilməsi Hökumətin fəaliyyətinin üstün istiqamətləri olmuşdur.
Nazirlər Kabineti neft gəlirlərini və onlardan istifadənin şəffaflığını diqqət mərkəzində saxlamışdır. Neft Fondunun gəlirləri 14,3 faiz artaraq, 2013-cü il yanvarın 1-i üçün 34 milyard dollardan çox olmuşdur. Bu vəsaitlərin müəyyən hissəsi beynəlxalq əhəmiyyətli və ölkə miqyaslı infrastruktur layihələrinin, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu və Samur-Abşeron kanalının yenidən qurulması layihələrinin maliyyələşdirilməsinə yönəldilmişdir.
Biznes üçün yaradılan mühit böyük məbləğdə sərmayələrin əsas kapitala yönəldilməsini stimullaşdırır. Ötən il ölkə iqtisadiyyatına 20,3 milyard manat (25,8 milyard dollar) investisiya yatırılmışdır. Bu, böyük rəqəmdir. Müqayisə üçün deyim ki, həmin məbləğ ötən ilin ümumi dövlət büdcəsinin xərclərini 3 milyard manatdan çox üstələyir.
Ötən il Hökumətin fəaliyyətində önəmli məqamlardan biri də geniş miqyaslı sənaye parklarının yaradılmasıdır. Bu işin davamı olaraq və onu sürətləndirmək məqsədi ilə Hökumət cari ildən əlverişli vergi güzəştlərinin tətbiqinə başlamış, işə cəlb olunan şirkətləri 7 il müddətinə əsas vergilərdən azad etmişdir. Başqa güzəştlər də nəzərdə tutulmuşdur.
2012-ci ildə əhalinin rifah halının yüksəldilməsi diqqət mərkəzində olmuşdur. Nəticədə, əhalinin hər nəfərinə düşən gəlirin məbləği 3,8 min manata çatmış, onun artım sürəti isə istehlak qiymətlərinin bahalaşmasını xeyli üstələmişdir. Ölkə əhalisinin sosial vəziyyətinin yaxşılaşması yoxsulluq səviyyəsinin azalmasına təsirini göstərmiş və bu göstərici 1,6 faiz azalaraq 6 faizə enmişdir.
Hörmətli Hökumət üzvləri,
Hörmətli millət vəkilləri!
Hökumətin illik hesabatlarının Milli Məclisdə müzakirəsi nazirliklərin və digər dövlət qurumlarının, yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin daha da yaxşılaşmasına, meydana çıxan problemlərin həllində millət vəkillərinin yaxından iştirakına əlverişli şərait yaradır. Hesab edirəm ki, deputatlar keçirdiyimiz müzakirədə fəallıq göstərəcək, ölkənin sosial-iqtisadi inkişafının sürətlənməsinə, mövcud nöqsanların aradan qaldırılmasına dair səmərəli təkliflər verəcəklər.
Hörmətli millət vəkilləri, hesabatın tam mətni sizə təqdim edilmişdir. Mən təklif edirəm, hörmətli Baş nazirimiz hesabatla bağlı məlumat versin, sonra müzakirələrə başlayaq. Etiraz yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Azərbaycan Respublikasının Baş naziri cənab Artur Rasizadəyə söz verilir. Buyursun.
A.Rasizadə, Azərbaycan Respublikasının Baş naziri.
Hörmətli Sədr, hörmətli deputatlar! Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında son illərdə ardıcıl olaraq reallaşdırılan inkişaf strategiyası keçən il də uğurla davam etdirilmiş, aparılan sistemli və məqsədyönlü islahatlar yüksək sosial-iqtisadi nailiyyətlərlə nəticələnmişdir. İqtisadiyyatın şaxələndirilməsi və əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində görülən mühüm işlər və əldə olunan konkret nəticələr dövlət başçısının müasir çağırışlara cavab verən iqtisadi siyasətinin ən önəmli səciyyəvi xüsusiyyətləridir.
Nazirlər Kabinetinin ötən ilki fəaliyyəti haqqında ətraflı hesabat əvvəlcədən sizə təqdim edildiyi üçün mən əsasən inkişaf istiqamətləri və ümumiləşdirilmiş göstəricilər üzərində dayanmaq istərdim.
Hesabat ilində ümumi daxili məhsulun istehsalı 2,2 faiz artmış, prioritet təşkil edən qeyri-neft sektoru üzrə isə artım 9,7 faiz olmuşdur. İqtisadiyyata bütün maliyyə mənbələri hesabına 25,8 milyard ABŞ dolları məbləğində investisiya yönəldilmişdir. Onun 75 faizi qeyri-neft sektorunun payına düşüb. İllik inflyasiyanın 1,1 faiz həddində saxlanılması sosialyönümlü siyasət üçün əlverişli zəmin yaratmışdır. Strateji valyuta ehtiyatları 46 milyard dollara qədər artaraq xarici dövlət borcunu 8 dəfə üstələmişdir.
İcmal büdcənin gəlirləri 22,1 milyard manat təşkil etmiş, dövlət büdcəsinin gəlirləri isə artıqlaması ilə yerinə yetirilmişdir.
İl ərzində bank sisteminin maliyyə dayanıqlılığı təmin edilmiş, kredit qoyuluşları 27,8 faiz artmışdır.
Ötən il uzun müddət cəmiyyəti narahat edən daha bir problem də öz həllini tapmışdır. Dövlət başçısı cənab İlham Əliyevin siyasi iradəsi sayəsində sovet dövründən qalmış əmanətlərə görə kompensasiyaların verilməsinə başlanılmışdır. İlin sonuna əmanətçilərə 550 milyon manatdan artıq vəsait ödənilmişdir və bu proses cari ildə başa çatdırılacaqdır.
Ənənəvi olaraq iqtisadi sahədə aparılan ardıcıl islahatlar güclü sosial siyasətlə müşayiət olunmuşdur. Keçən il orta aylıq əməkhaqqı 8,7 faiz artmış, əmək pensiyalarının orta aylıq məbləği isə artırılaraq 152 manata çatdırılmışdır.
Əvvəlki illərdə olduğu kimi, hesabat ilində də məcburi köçkünlərin sosial problemlərinin həllinə xüsusi diqqət yetirilmişdir. Onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına 2011-ci ildəkindən 2,2 dəfə artıq maliyyə vəsaiti xərclənmişdir. Nəticədə 23 minədək məcburi köçkün yeni mənzillə təmin edilmişdir. Ümumilikdə, məcburi köçkünlərin sosial ehtiyaclarının həllinə 600 milyon manatdan artıq vəsait sərf edilmişdir ki, bu da 2003-cü illə müqayisədə 5,5 dəfə çoxdur.
Əldə olunan əsas makroiqtisadi göstəricilər və həyata keçirilən sosial tədbirlər sosial-iqtisadi siyasətin əsas hədəf parametrlərindən olan yoxsulluğun səviyyəsini hesabat ilinin sonuna 6 faizə endirməyə imkan vermişdir.
2012-ci ilin əsas fərqləndirici xüsusiyyəti iqtisadiyyatın şaxələndirilməsinin sürətləndirilməsi olmuşdur. Əgər əvvəlki illərdə iqtisadi yüksəliş əsasən mədənçıxarma sənayesi hesabına əldə edilirdisə, hazırda bu, qeyri-neft sektorunun inkişafı sayəsində baş verir. Qeyri-neft sənayesindəki yüksək artım yeni müəssisələrin yaradılmasına, mövcud olanların isə fəaliyyət dairəsinin genişləndirilməsinə əsaslanan davamlı sənayeləşmə prosesinin əyani göstəricisidir.
Bu prosesdə yaradılan biznes mühitinin və sahibkarlığa dövlət dəstəyi tədbirlərinin mühüm rolu olmuşdur. Keçən il təkcə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 218 milyon manat güzəştli kredit verilmişdir. Son illər ərzində isə sahibkarlara bu mənbədən 1 milyard 200 milyon manat məbləğində kreditlər ayrılmışdır.
Hesabat ilində ölkənin enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, neft strategiyasının davam etdirilməsinə xüsusi önəm verilmişdir. Elektrik enerjisi mənbələrinin genişləndirilməsi və səmərəliliyinin artırılması, paylayıcı şəbəkələrdə elektrik xətlərinin və yarımstansiyaların tikintisi və yenidən qurulması ilə bağlı zəruri layihələr icra olunur. Dövlət başçısı İlham Əliyevin şəxsi təşəbbüsü ilə Trans-Anadolu qaz kəməri (TANAP) layihəsi haqqında qərar qəbul edilmişdir. Bu və həyata keçirilən digər layihələr Azərbaycanın Avropa ölkələrinin təbii qazla təchiz edilməsindəki rolunu artıracaqdır.
Hörmətli deputatlar, “2008–2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın ardıcıl icrası ilə bağlı məsələlər yenə də hökumətin diqqət mərkəzində olmuşdur. Keçən il kənd təsərrüfatında ümumi məhsul istehsalı 6,6 faiz artmış, sahənin əsas məhsullarının istehsalında və emalında yüksək nəticələr əldə edilmişdir. Kənd təsərrüfatı istehsalçılarına güzəştli kreditlərin və subsidiyaların verilməsi, aqrolizinq xidmətlərinin göstərilməsi, müasir texnologiyaların tətbiqi, damazlıq heyvanların alınması və digər dövlət dəstəyi tədbirləri bu nailiyyətlərə öz töhfəsini vermişdir.
Ərzaq məhsulları ilə təminatda idxaldan asılılığın azaldılması məqsədi ilə yeni quşçuluq, heyvandarlıq, dəyirman kompleksləri yaradılmış, taxıl anbarları və soyuducu kameralar tikilərək istifadəyə verilmişdir. Ölkədə ərzaq buğdasına olan daxili tələbatın ödənilməsi məqsədi ilə Ağcabədi və Beyləqan rayonlarında iri pilot taxılçılıq təsərrüfatları yaradılmışdır. Hazırda digər rayonlarda da belə təsərrüfatların yaradılması istiqamətində işlər aparılır.
Dövlət büdcəsindən və Neft Fondundan ayrılan vəsaitlər hesabına meliorasiya və su təsərrüfatı kompleksində genişmiqyaslı meliorativ layihələr həyata keçirilir. Bunların sırasında ən iri layihələrdən olan Taxtakörpü və Şəmkirçay su anbarlarının tikintisini və gələcək faydasını xüsusi qeyd etmək istərdim.
Ölkə iqtisadiyyatının sürətlə inkişaf edən nəqliyyat və informasiya-kommunikasiya texnologiyaları sektorlarında mühüm infrastruktur layihələri həyata keçirilmişdir. Bakı–Tbilisi–Qars dəmir yolunun, beynəlxalq və respublika əhəmiyyətli, ölkədaxili avtomobil yollarının, körpülərin, yeni metro stansiyalarının, dəniz və hava limanlarının tikintisi davam etdirilmişdir.
Ölkədə informasiya cəmiyyətinin qurulması istiqamətində inamlı addımlar atılmış və informasiya-kommunikasiya texnologiyaları sektoruna irihəcmli investisiyalar qoyulmuşdur. Bu sahədə aparılan institusional islahatlar nəticəsində “ASAN xidmət” mərkəzi yaradılmış, əhaliyə müasir, şəffaf və operativ elektron xidmətlərin göstərilməsinə başlanılmışdır.
2012-ci ildə də ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın qorunması ilə bağlı nəzərdə tutulmuş vacib tədbirlər icra olunmuşdur. Çirklənmiş sahələrin radioaktiv tullantılardan təmizlənməsi, Bakı buxtasının ekoloji vəziyyətinin sağlamlaşdırılması, xüsusi mühafizə olunan təbiət ərazilərinin genişləndirilməsi və biomüxtəlifliyin qorunması, meşəliklərin və parkların salınması istiqamətində böyük işlər görülmüşdür.
Respublikada uzun illərdən bəri həllini gözləyən ən vacib problemlərdən biri əhalinin keyfiyyətli içməli su ilə təmin edilməsi idi. Buna görə ölkənin bütün bölgələrinin içməli su və kanalizasiya sistemləri ilə təmin edilməsi layihələrinin hazırlanmasına və ardıcıl icrasına başlanılmışdır. Bu tarixi vəzifənin həlli istiqamətində hesabat ilində də irimiqyaslı işlər yerinə yetirilmişdir.
Ölkəmizin ildən-ilə artan iqtisadi imkanları elm, təhsil, səhiyyə, mədəniyyət və digər humanitar sahələrə yönəldilən büdcə vəsaitlərinin və investisiyaların əhəmiyyətli dərəcədə artırılmasına şərait yaratmışdır. Nəticədə təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilmiş, informasiya texnologiyalarının tətbiqi sürətləndirilmiş və tədris prosesi təkmilləşdirilmişdir.
Səhiyyə müəssisələrinin yenidən qurulması və qabaqcıl texnologiyaların tətbiqi davam etdirilmişdir. Səhiyyəyə ayrılan büdcə vəsaiti son on ildə 12,5 dəfədən çox artırılmış, 500-ə yaxın səhiyyə müəssisəsi tikilmiş və əsaslı təmir olunmuşdur. Bunun və digər amillərin təsiri nəticəsində orta ömür müddəti əhəmiyyətli dərəcədə artmış, körpə və ana ölümü göstəriciləri kəskin azalmışdır.
Ölkənin bütün bölgələrinin tarazlı inkişafını nəzərdə tutan və ardıcıl icra olunan iki regional dövlət inkişaf proqramı öz müsbət nəticələrini verməkdədir. Təkcə keçən il proqramda nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsinə 4,7 milyard manat, 2009–2012-ci illərdə isə 16 milyard manatdan artıq vəsait xərclənmişdir ki, bu da birinci dövlət proqramının bütövlükdə icrasına yönəldilmiş vəsaitdən 2,4 dəfə çoxdur.
“2011–2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasına ümumilikdə 2,1 milyard manatdan artıq vəsait sərf edilmişdir. Proqramda nəzərdə tutulan qaz, su, enerji təminatı, istilik sistemlərinin yenidən qurulması, qəsəbələrarası yolların, sosial infrastruktur obyektlərin tikilməsi və təmin edilməsi ilə bağlı əhəmiyyətli işlər görülmüşdür.
Məlum olduğu kimi, ötən ilin may ayında baş vermiş güclü zəlzələ Zaqatala, Balakən və Qax rayonlarında yaşayış evlərinə, sosial və infrastruktur obyektlərinə ciddi ziyan vurmuşdur. Ölkənin mövcud iqtisadi imkanları, təbii və texnogen fəlakətlərin nəticələrinin aradan qaldırılması məqsədi ilə yaradılan texniki və kadr potensialı əsasında qısa müddətdə dəymiş ziyanın bərpasına başlanılmışdır. İlin sonuna 2974 fərdi yaşayış evi, 19 məktəb və digər obyektlər tikilib istifadəyə verilmiş, 3 mindən çox ailəyə evlərinin bərpası üçün maliyyə yardımı edilmişdir.
Əvvəlki illərdə olduğu kimi, bu hesabat ilində də ölkənin hərbi qüdrətinin artırılmasına, Azərbaycan ordusunun ən müasir silah-sursatlarla təmin edilməsinə ciddi diqqət yetirilmişdir. Ordumuzun təchizatı həm xaricdən alınan, həm də daxildə – hərbi sənaye kompleksində istehsal olunan silah və hərbi texnika hesabına xeyli yaxşılaşdırılmışdır.
Hörmətli deputatlar, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan düşünülmüş və praqmatik sosial-iqtisadi siyasət, həyata keçirilən köklü islahatlar tarixi nailiyyətlərin qazanılması ilə nəticələnmişdir. 2003–2012-ci illərdə ümumi daxili məhsulun orta illik artımı 13 faiz, qeyri-neft sektorunda 10,6 faiz təşkil etmişdir. Əsas kapitala yönəldilən investisiyaların həcmi 7,3 dəfə artmışdır. Bu dövrdə ölkənin iqtisadiyyatı 3 dəfədən çox artmış və onun inkişafına 132 milyard dollar məbləğində sərmayə qoyulmuşdur. Dövlət büdcəsi 19 dəfə, strateji valyuta ehtiyatları 29 dəfə, iqtisadiyyatın kreditləşməsi 24,5 dəfə artmışdır. Əhalinin gəlirləri, orta aylıq əmək haqları və pensiyaların orta məbləği müvafiq olaraq 6,9 dəfə, 6,3 və 6,4 dəfə yüksəlmişdir. Bu müddətdə 1 milyondan artıq yeni iş yeri açılmış, yoxsulluq səviyyəsi 44,7 faizdən 6 faizə enmişdir.
Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında və regionların inkişaf proqramı ilə bağlı konfransdakı çıxışlarında cari ildə hökumətin qarşısında duran ən əsas vəzifələr müəyyən edilmişdir. Nazirlər Kabineti bu tapşırıqların vaxtında, keyfiyyətlə və tam həcmdə yerinə yetirilməsi üçün bütün zəruri tədbirləri həyata keçirəcəkdir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Hörmətli millət vəkilləri, müzakirədə iştirak eləmək istəyənlər, xahiş edirəm, çıxışlara yazılsınlar. Buyurun, Musa Qasımlı.
M.Qasımlı. Hörmətli cənab Sədr, hörmətli cənab Baş nazir, hörmətli deputatlar, hörmətli hökumət üzvləri! Çox hörmətli Baş nazirimizin təqdim etdiyi hökumətin hesabatının lehinə aşağıdakı səbəblərə görə səs verəcəyəm. Hər şeydən əvvəl hörmətli Sədrimizin söylədiyi kimi, dünyanın bir çox ölkələrinin böhrandan əziyyət çəkdiyi, bir çox şirkətlərin ağır vəziyyətə düşərək işçilərini ixtisar etdiyi bir şəraitdə böhranın ölkəmizdən yan keçməsi cənab Prezidentin yürütdüyü siyasətin konkret nəticəsidir.
Ötən il ölkəmizin BMT-nin Təhlükəsizlik Şurasına sədrlik etməsi, telekommunikasiya peykimizin kosmosa buraxılması hər birimizin qəlbində qürur hissi oyadır. Mətbuat üçün olmasa da, – mətbuat nümayəndələrindən xahiş edirəm, bunu ictimailəşdirməsinlər, – deyim ki, 10 dekabr tariximiz üçün bəlkə də 18 oktyabr qədər çox mühüm günlərdən biridir. Azərbaycan məhz bu tarixdə ərazisində heç bir xarici qüvvə saxlamayan bir ölkəyə çevrildi. Tariximizdə ilk dəfə olaraq cənab Prezidentin rəhbərliyi altında Azərbaycan hakimiyyəti xarici ölkələrə sərmayə qoyaraq yeni bazarlara çıxıb “dövlət canlı orqanizmdir, daim genişlənməlidir” geosiyasi nəzəriyyəsini gerçəkləşdirməklə tariximizdə qürurverici olan fəaliyyətini ötən il də genişləndirdi. Azərbaycan borc alan ölkədən borc verən, kapital ixrac edən bir ölkəyə çevrildi. Bu səbəblərə və digər amillərə görə hökumətimizin hesabatına səs verəcəyəm.
Bəzi məsələlərə, hörmətli cənab Sədr, münasibətimi bildirmək istəyirəm. Hər şeydən əvvəl, yüksək ziyalı, mədəniyyətli, təvazökar, əsl xalq və dövlət adamı olan hörmətli Baş nazirimizin fəaliyyəti, – seçicilərimiz bizimlə söhbətlərdə birmənalı bildirirlər, – ancaq rəğbət qazandırır.
Ötən il də hörmətli fövqəladə hallar nazirinin, daxili işlər nazirinin, Dövlət Sosial Müdafiə Fondu sədrinin yerlərdə əhali ilə görüşlər keçirmələri və problemləri yerində həll etmələri seçicilərimiz tərəfindən müsbət qarşılanıb. Hesab edirəm ki, kənd təsərrüfatı, səhiyyə, sosial və digər nazirliklərin rəhbərlərinin də belə görüşlər keçirməsi, hörmətli iqtisadi inkişaf və kənd təsərrüfatı nazirlərimizin bayram günlərində bazarlara çıxması faydalı olardı. Bu gün mən kütləvi informasiya vasitələrində nazirlərimizin yerlərdə qəbul günlərinin keçirilməsi cədvəlinin verilməsini və belə görüşlərin keçirilməsini faydalı hesab edirəm.
Toxunacağım daha bir məsələ ordumuzla bağlı son vaxtlar baş verən hadisələrdir. Mən hökumət üzvlərimizin diqqətini buna yönəltmək, öz baxışlarımı söyləmək istəyirəm. Yaxşı bilirsiniz ki, dünyanın bütün ölkələrinin ordularında əsgər ölümləri olur. Elə bir ordu tapmaq mümkün deyil ki, orada əsgər ölümü olmasın. Biz də bu baxımdan istisna deyilik. Lakin bundan istifadə edərək ordumuzu ləkələyən təhlükəli aksiyaların keçirilməsinin dərin səbəbləri var.
Yaxın tarixin təcrübəsinə istinad etmək istəyirəm. 1980-ci illərin sonu 1990-cı illərin əvvəllərində bəzi xarici mərkəzlər SSRİ-yə qarşı strategiya cızmışdılar. Bu strategiyaya görə ordunun xalqın gözündən salınması, hüquq mühafizə və xüsusi xidmət orqanlarının xalqa qarşı zorakılıq törətməsi üçün fəaliyyət göstərilməli və beləliklə də, xalqla hakimiyyət arasında uçurum yaradılmalı, nəticədə həmin qüvvələr istəklərinə nail olmalıydılar.
İndiki proseslər 25–30 il əvvəl cızılmış məlum ssenarini xatırladır. Küçədə baş verən qarışıqlıq zamanı Daxili İşlər Nazirliyi əməkdaşlarının zor tətbiq etməməsini dövlətçiliyimiz baxımından müsbət hesab edirəm. Aksiyaları keçirənlərə isə müraciətlə söyləmək istəyirəm ki, bu aksiyalar zamanı bir münaqişə olarsa, vətəndaşlarımız həlak olarlarsa, bunun təqsiri kimin və hansı təşkilatın üzərində qalacaqdır.
Amma biz ordumuzda rast gəlinən bəzi əsgər ölümlərinin üstündən də sükutla keçə bilmərik. Şükürlər olsun, indi dövlətimiz güclüdür. Orduda qüsursuz xidmət edən zabitlər dövlətimiz tərəfindən evlə təmin edilirlər. Millətimiz orduya övladlarını sevinclə, toy-bayramla göndərir. Hesab edirəm ki, müvafiq nazirliyin məsuliyyəti artırılmalı, hərbi xidmət üzərində nəzarət gücləndirilməlidir ki, orduda xoşagəlməz hadisələrə yol verilməsin.
Hökumətimizin ötən il də vətəndaşlarımızın sosial rifahının artırılmasına yönəldilən siyasəti uğurludur və əhali tərəfindən müsbət qarşılanır. Amma mən seçicilərimin bəzi xahişlərini nazirlərimizə və komitə sədrlərinə çatdırmaq istəyirəm.
Sumqayıtda bəzi məhəllələrdə və mikrorayonlarda yerin üstündə açıq olan kabellər təhlükə yaratdığından seçicilərdə narazılıq yaranır. Buna görə mən “Azərenerji” Səhmdar Cəmiyyətinin prezidenti hörmətli Etibar Pirverdiyevin də bu məsələyə diqqət yetirməsini xahiş edirəm.
Hörmətli səhiyyə nazirimizdən xahiş edirəm, autizm xəstəliyindən əziyyət çəkənlər üçün mərkəzin Sumqayıtda yaradılmasının mümkünlüyü məsələsinə baxsın.
Toxunacağım digər bir məsələ kənd məktəbləri üçün müəllim hazırlığı ilə bağlıdır. İndi bir çox kənd rayonlarının məktəblərində müəyyən ixtisaslar üzrə müəllimlər çatışmır. Dövlət proqramı ilə Təhsil Nazirliyi tərəfindən yerlərə müəllimlər göndərilir, lakin yerlərdəki təhsil şöbələri müdirlərinin və məktəb direktorlarının sayəsində onların özləri deyil, işdə yalnız adları gedir. Bəzən də bunlar Təhsil Nazirliyindən gizlədilir, dövlətin vəsaiti boş yerə gedir. Ona görə də, fikrimcə, biz keçmiş zamanlarda olduğu kimi, bu məsələni köklü surətdə həll etmək, kənd məktəblərini konkret ixtisaslar üzrə müəllimlərlə təmin etmək üçün həmin kəndlərdən olan gənclərin göndərişlərlə ali məktəblərə qəbul edilməsi, təhsil xərclərinin dövlət tərəfindən ödənilməsi və ali məktəbləri bitirdikdən sonra öz kəndlərində işləməsi məsələsi barədə düşünə bilərik.
Nəhayət, bildiyiniz kimi, cənab Prezident toplantıların birində ölkəmizdə iri kənd təsərrüfatı birliklərinin yaradılacağını söyləmişdi. Bütün bunlar aqrar elm sahəsində yüksək ixtisaslı mütəxəssislərin, alimlərin hazırlanmasına olan diqqəti artırmağı zəruri edir. Fikrimcə, bu sahədə yüksək ixtisaslı kadrların, mütəxəssislərin, alimlərin hazırlanmasına da ehtiyac var.
Mən, ümumiyyətlə, hökumətimizin bütün sahələrdə, ictimai-siyasi, mədəni həyatın bütün sahələrində gördüyü fəaliyyəti müsbət qiymətləndirirəm. Ona səs verəcəyəm, hörmətli deputat həmkarlarımı da buna dəvət edirəm. Diqqətinizə görə sağ olun.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Bir dəqiqə. Mən belə təklif edirəm, günün birinci yarısını bu istiqamətdə gedək, ikinci yarısına baxarıq. Çıxış eləsinlər, görək neçə nəfər 5 dəqiqə çıxış edəcək.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Qüdrət Həsənquliyevin sualı var.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Adın yazılmışdı, pozuldu. İndi arada söz verərik. Etirazın yoxdur? Söz verəcəyəm. Azər Badamov.
A.Badamov. Çox sağ olun. Hörmətli millət vəkilləri, hökumət üzvləri və mətbuat nümayəndələri! Hökumətin bizə təqdim etdiyi 2012-ci ilin hesabatını oxumuşam və burada Baş nazirin məruzəsini də dinlədim. Hesabat ətraflı hazırlanmış və bu hesabatda ölkə iqtisadiyyatının bütün sahələrində aparılan iqtisadi proseslərin geniş və əhatəli izahatı verilmişdir.
Qeyd etmək istəyirəm ki, cənab Prezidentin rəhbərliyi altında aparılan dövlət siyasəti öz müsbət nəticələrini vermişdir. İqtisadiyyatımız inkişaf edir, makroiqtisadi sabitlik və inkişaf dinamikası qorunub saxlanılır. Ölkəmizdə hər il əvvəlki illərlə müqayisədə təsəvvürolunmaz dərəcədə investisiyalar qoyulur, böyük sosial layihələr həyata keçirilir.
Azərbaycanın bütün bölgələri kimi, təmsil olunduğum Qusar rayonu da öz inkişaf dövrünü yaşayır. Sosial inkişaf layihələrinin vaxtında yerinə yetirilməsi Qusarın simasını dəyişmişdir. Rayonun turizm potensialından düzgün istifadə olunması Qusarı turizm mərkəzinə çevirmişdir. Təkcə son iki ayda rayonumuza gələn turistlərin sayı on minlərlə olmuşdur. Turistlərin tərkibi də dəyişilməklə xarici turistlərin sayı artmışdır. Sevindirici haldır ki, Azərbaycanın turizm imkanları dünyada tanınmaqdadır.
Ulu öndərin əsasını qoyduğu və cənab Prezidentin uğurla davam etdirdiyi siyasi kursu qusarlılar hər zaman dəstəkləyir və Prezidentimizlə fəxr edirlər. Ölkəmiz inkişaf etdikcə, insanların maddi vəziyyəti, rifahı, yaşayış tərzi dəyişildikcə həll olunmamış və qısa bir zamanda həllini gözləyən yeni və vacib problemlər meydana çıxır. Bu gün başda hörmətli Artur müəllim olmaqla hökumət üzvlərinin iclasımızda iştirakını nəzərə alaraq, təmsil etdiyim Qusar rayonu seçicilərini narahat edən, onlarla görüşlərimdə daim qaldırılan bir neçə məsələni təklif formasında səsləndirmək istəyirəm.
Qusarda dövlət siyasətinin tərkib hissələrindən olan təhsil müəssisələrinin yenidən qurulması uğurla həyata keçirilir. Amma məktəbəqədər təhsil və tərbiyə müəssisələrinin sayı çox azdır. Rayon mərkəzində uşaq bağçalarına getməli 1800 uşaq olduğu halda cəmi 110 və 70 yerlik iki uşaq bağçası fəaliyyət göstərir. Şəhərin mərkəzində yerləşən Heydər Əliyev prospektində 2 saylı 110 yerlik uşaq bağçası 1964-cü ildə tikilmişdir. O bu gün mənəvi cəhətdən çox köhnəlmişdir və istifadəyə yararsız vəziyyətdədir. İstilik sistemi olmadığından bağça odun sobaları ilə qızdırılır. Hökumət üzvlərinin burada olmasından istifadə edərək onlara müraciət edirəm. Xahiş edirəm ki, yüksək səviyyədə yenidən qurulmuş, Qusara xüsusi yaraşıq verən prospektə yaraşmayan köhnəlmiş uşaq bağçasının yerində müasir, daha çox yerlik yeni uşaq bağçasının tikilməsinə kömək edəsiniz.
İkinci məsələ əhalisi 5200 nəfərdən çox olan Hil kəndinin içməli su ilə təminatıdır. Kəndin keçən əsrdə qurulmuş, uzunmüddətli istismar və təbii təsirlər nəticəsində tam yararsız vəziyyətə düşmüş su təminatı sistemi həm də kəndin əhalisi və ərazisi artdığından tələbatı ödəmir. İnsanlar xüsusilə yaz-yay aylarında çox əziyyət çəkirlər. Bu, seçicilər tərəfindən dəfələrlə qaldırılan ən ciddi məsələdir. Məsələnin həlli ilə əlaqədar keçən hesabatda tərəfimizdən məsələ qaldırılmışdı. Ancaq təqdim olunan hesabatda məsələnin həlli kənd bələdiyyəsinə həvalə olunmuşdur. Halbuki bu məsələnin həll edilməsi üçün bələdiyyənin vəsaiti yoxdur. Bütün sistem təzədən tikilməlidir. Məsələni həll etmək üçün dövlət investisiyası çərçivəsində əsaslı kapital qoyuluşuna ehtiyac var. Hörmətli hökumət üzvləri, xahiş edirəm, məsələni ciddi qəbul edib həllinə kömək edəsiniz.
Üçüncü məsələ Qusarı İpək Yolu ilə birləşdirən, 11.500 nəfər əhaliyə xidmət göstərən 21 kilometr uzunluqda yolun yenidən qurulmasıdır. Yol uzunmüddətli istismar nəticəsində çox köhnəlmişdir. Cari təmirlərin aparılmasına baxmayaraq normal istifadəyə yararsızdır. Seçicilər tərəfindən yolun yenidən qurulması ilə əlaqədar dəfələrlə müraciətlər edilmişdir. Xahiş edirəm, məsələyə müsbət münasibət göstərəsiniz.
Keçən hesabatlarda tərəfimizdən qaldırılan məsələlərə münasibət bildirdiyinə görə hökumət üzvlərinə minnətdarlığımı bildirir və ümid edirəm ki, bu gün səsləndirdiyim məsələlər də öz müsbət həllini tapacaqdır. Hesabata səs verəcəyəm, həmkarlarımı da onu dəstəkləməyə dəvət edirəm. Diqqətinizə görə təşəkkür edirəm. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox sağ olun, cənab Sədr. Hörmətli hökumət nümayəndələri, cənab Baş nazir, qonaqlar, media nümayəndələri! Bu gün biz hökumətin fəaliyyətini müzakirə edirik. Artıq Baş nazirin hesabatını dinlədik. Hörmətli Artur müəllim burada müəyyən rəqəmlər səsləndirdi. Görülən işlər göz qabağındadır. Həqiqətən də, görülən işləri inkar eləmək, danmaq mümkün deyil. Buna ehtiyac da yoxdur.
Lakin bir məsələ məni narahat eləyir. Mən dəfələrlə Milli Məclisin iclaslarında hökumət üzvləri qarşısında bu məsələni qaldırmışam ki, Bakı şəhəri həddindən artıq yüklənib. Ölkə inkişaf edir və bu inkişaf daha çox Bakı şəhərində təzahür eləyir. Bakının yolları dardır, bu yolları genişləndirmək xeyli dərəcədə problemlidir. Bu istiqamətdə çoxlu vəsait xərclənir, körpülər salınır, yeraltı keçidlər qurulur. Amma bu da problemi həll eləyə bilmir. Yollardakı tıxaclardan hökumət üzvləri də, onların ailə üzvləri də əziyyət çəkirlər.
Çıxış yolu regionların inkişafını sürətləndirmək və regionlardan Bakıya insan axınının qarşısını almaqdır. Mən keçən dəfə burada çox təəssüf hissi ilə qeyd elədim ki, Bakıda yeni bir sənaye parkı yaradıldı və vergidən azad olundu. İndi regionlardan sahibkarlar yenə Bakıya axışacaqlar. Çünki burada vergi güzəştləri nəzərdə tutulur. Amma mən dəfələrlə bu məsələni qaldırmışam ki, əslində Bakıdan sahibkarların gedib regionlara investisiya qoyması üçün regionlarda vergi güzəştləri nəzərdə tutulmalıdır. İnsanlar orada asanlıqla iş yerləri tapmalıdırlar ki, Bakıya gəlməyə məcbur olmasınlar.
Hökumət tərəfindən, cənab Prezident tərəfindən regionların inkişafı ilə əlaqədar olaraq xüsusi proqramlar qəbul olunur. Amma mən müraciət etdiyim hökumət üzvlərindən hələ də bir əsaslandırılmış cavab ala bilməmişəm ki, niyə bununla bağlı əlavə addımlar atılmır, tədbirlər görülmür. Mən hesab edirəm, biz buna mütləq getməli, bu addımı atmalıyıq ki, Bakı boşalsın, Bakıdan insanlar, iş adamları regionlara axın etsinlər, sənaye müəssisələri, emal müəssisələri Azərbaycanın regionlarında yaradılsın.
Bundan başqa, keçən dəfə mən çox məmnunluqla qeyd etdim ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Naxçıvanda istehsal olunan avtomobillərdən bir qismini əlillər üçün almışdır. Amma mən hesab edirəm, Naxçıvanda istehsal olunan avtomobillər bizim dövlət ehtiyacları üçün, məsələn, regionların inkişafı üçün də alına bilər. Onlar heç də keyfiyyətsiz avtomobillər deyillər. Yəni belə olduğu təqdirdə biz Naxçıvanı, məsələn, minik avtomobilləri, Gəncəni yük avtomobilləri, digər kənd təsərrüfatı texnikası istehsal edən bir mərkəzə çevirə bilərik. Beləliklə də, dediyim kimi, Bakı yüklənməz, həm də regionlarda yeni iş yerləri yaradılmış olar.
Mən istəyirəm, hökumət üzvləri bu barədə də bir açıqlama versinlər ki, bizim özümüzdə, məsələn, minik avtomobilləri istehsal olunduğu halda niyə biz xaricdən keyfiyyətdə onlardan çox da yüksək olmayan avtomobillər alırıq. Yüksək vəzifəli şəxslər üçün o avtomobillər, ola bilsin ki, standartlara cavab vermir. Amma hər halda orta səviyyəli məmurlar üçün bu avtomobilləri almaq mümkündür.
Məndə məmnunluq hissi doğuran məqamlardan biri də odur ki, hökumət cənab Prezidentin çıxışından sonra sahibkarlıq sahəsində yoxlamaların tənzimlənməsi ilə əlaqədar olaraq qanun layihəsi təqdim etdi və o layihə dünən bizim komitənin iclasında müzakirə olundu. Amma orada da mən söylədim, indi də hökumət üzvlərinin, xüsusən bizim hörmətli ədliyyə nazirinin qarşısında söyləyirəm ki, bizdə məhkəmə qərarlarının icrası ilə bağlı vəziyyət ürəkaçan deyil. Bunu hörmətli ombudsmanımız Elmira xanım da burada hesabat verəndə söylədi.
Bəzən bizim rayon məhkəmələrində, iqtisad məhkəmələrində ədalətli qərarlar qəbul olunmur və bu ədalətsiz qərarların böyük bir hissəsi ilə bağlı apellyasiya məhkəmələrinə müraciət olunur. Yaxşı ki, bizim Bakı Şəhər Apellyasiya Məhkəməsi var. Mən hesab edirəm ki, bizim məhkəmə sistemində ən ədalətli məhkəməni bu halqa təşkil edir. Amma onların da qərarlarının böyük bir hissəsini sonradan Ali Məhkəmə ləğv edir və qəbul olunmuş qərarlar icraya yönəldilmir, icra olunmur. Bu istiqamətdə ciddi addımlar atılmalıdır.
İndi, tutaq ki, biz sahibkarlıq sahəsində yoxlamaları həmin qanunvericiliklə tənzimlədik. Amma sahibkar o yoxlamanın nəticəsindən narazı qalanda yenə məhkəməyə müraciət edəcək. Məhkəmədə isə ədalətli qərar çıxarmaq problemlidir. Biz 2000-ci ildə, yəni hələ 13 il əvvəl mərhum Prezident Heydər Əliyevin dövründə andlı məhkəmə institutunu qanunvericiliyimizə daxil etmişik. Cinayət Prosessual Məcəlləsində bu öz əksini tapıb. Amma onun qüvvəsi dayandırılıb. Mən ona görə soruşmaq istəyirəm ki, uzun illər ərzində bu institutun tətbiqinə nə mane olur? Axı biz bilirik ki, digər məhkəmələrlə müqayisədə andlı məhkəmələrdə bəraət hökmlərinin sayı on dəfə çoxdur. Ona görə ki, andlı məhkəmələrdə andlı iclasçılar bir çox hallarda qanunun hərfi mənasını yox, ədalətlilik prinsipini önə çəkirlər.
Bizim hökumətin vəzifəsi burada təkcə iqtisadiyyatla, iqtisadi rəqəmlərlə bağlı hesabat vermək deyil, bizim vətəndaş cəmiyyəti quruculuğu da hökumətin qarşısında duran əsas vəzifələrdən biridir. Ona görə də mən düşünürəm ki, zamanı çatan bu institutun Azərbaycanda tətbiqinə, heç olmasa, regionlardan, hansısa bir regiondan başlamaq olar. Rusiyada bu tətbiq olundu və özünü doğrultdu. Azərbaycanda da bunun tətbiqinə ehtiyac var.
Bundan başqa, mən yenə də üzümü Fikrət müəllimə tuturam. Ona görə ki, bizdə hüquq ştatları ilə bağlı əsas məsələlər Ədliyyə Nazirliyi tərəfindən hazırlanır. Məsələn, bizdə təqribən 8-ə qədər dövlət orqanının istintaq xidməti var. Mən hələ dünən zarafatla dedim ki, hər nazirliyin istintaq orqanları var. Bunların hərəsinin öz məhkəməsi də olsaydı, elə birdəfəlik mühakiməni də özləri aparar, məsələ də bu qaydada öz həllini tapardı.
Vahid dövlət istintaq komitəsinin yaradılmasına çox böyük ehtiyac var. Prokurorluq orqanları 8 istintaq orqanında istintaqa necə nəzarət edə bilər? Bu bir çox hallarda vətəndaşların haqlı narazılığına səbəb olur. Mən ona görə məhkəmə islahatlarının dərinləşdirilməsinin tərəfdarıyam. Məhkəmə-Hüquq Şurası bir çox hakimləri cəzalandırır, ədalətli qərarların qəbul olunması üçün müxtəlif cəhdlər göstərir. Amma mən hesab edirəm ki, bu sahədə vəziyyət hələ də ürəkaçan deyil.
Bundan başqa, burada hörmətli Artur müəllim qaçqınlar üçün yeni mənzillərin tikilməsi barədə də məlumat verdi. Həqiqətən də, hökumətin bu sahədəki fəaliyyəti təqdirəlayiqdir. Son zamanlar bizim qaçqınlar və məcburi köçkünlər üçün hər bir şəraiti olan müasir mənzillər tikilib verilir. Amma o gün biz Zaqatalaya, deputat həmkarımız hörmətli Hikmət Atayevin yas mərasiminə gedirdik. Yolda baxıram, məsələn, gilin üzərində, Bakı şəhərinin çıxacağında çox gözəl binalar tikilir. Amma niyə bu, Bakı şəhərinin kənarında yolun üzərində tikilir? Onsuz da burada nəqliyyatla bağlı, dediyim kimi, gərginlik var, problem var. Olmazmı, bu binalar həmin o qaçqınların, məcburi köçkünlərin qovulduğu yerlərin iqlim şəraitinə uyğun olan bölgələrdə tikilsin? Məsələn, niyə bu cür binalar Qusarda tikilməsin, Balakəndə tikilməsin? Onlar orada təsərrüfatla da məşğul ola bilərlər və bu, demədiyim bəzi problemlərin də həllinə yol açmış olar.
Sonda onu qeyd etmək istəyirəm ki, mənim hörmətli həmkarım Musa müəllim hökumətin fəaliyyəti ilə əlaqədar olaraq bir məsələyə toxundu, jurnalistlərdən xahiş etdi ki, 10 dekabrla bağlı məsələni qabartmasınlar. Amma mən jurnalistlərdən xahiş edirəm ki, bunu elə mənim adımdan yazsınlar. Musa müəllimin dediyi o fikirlə razıyam ki, Qəbələ RLS-in boşaldılması bu hökumətin uğurlarından biri və Azərbaycan xalqının tarixi nailiyyətidir.
Mən hesab edirəm ki, bizim hökumət çox böyük işlər görə bilər, ona görə ki, çox böyük maliyyə resursları ayrılıb. Bu resurslardan daha səmərəli istifadə olunarsa və hər nazirlik öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirərsə, bu gün geniş ictimaiyyəti narahat edən problemlərin bir çoxunu biz qısa bir müddətdə həll edər, güclü peşəkar ordu qurar və Azərbaycan torpaqlarını, nəhayət ki, işğaldan azad edə bilərik. Sağ olun.
Sədrlik edən. Sağ olun. Buyursun Tahir Rzayev.
T.Rzayev. Çox sağ olun. Hörmətli Sədr, hörmətli Baş nazir, hörmətli hökumət üzvləri, deputat həmkarlarım! Bir neçə il bundan əvvəl Azərbaycan xalqı üçün arzu, istək olanların bu gün həqiqətə çevrilməsi bir reallıqdır. Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının üzvüdür. Dünyanın ən böyük musiqi müsabiqələrindən biri Bakıda keçirildi. Azərbaycan ilk Avropa Olimpiya oyunlarına ev sahibliyi edəcək. Süni peykimiz artıq orbitdədir. Ölkəmizdə dünya miqyaslı beynəlxalq tədbirlərin keçirilməsi ənənə halını alıb.
Əlbəttə, arzuların həqiqətə çevrilməsində əsas zəmanət ölkəmizin sürətli sosial-iqtisadi inkişafı, dövlətimizin gündən-günə möhkəmlənməsi və beynəlxalq aləmdə böyük nüfuz qazanmasıdır. Heydər Əliyev ideyaları, ölkə rəhbəri cənab İlham Əliyevin düşünülmüş gərgin, səmərəli fəaliyyəti müvəffəqiyyətlərimizin əsasıdır. Hər bir Azərbaycan vətəndaşı bu nailiyyətlərlə fəxr etməyə haqlıdır və inkişafımızın daha da sürətləndirilməsi, problemlərimizin həll edilməsi, insanların daha yaxşı yaşaması üçün səyləri birləşdirməyə borcludur.
Nazirlər Kabinetinin 2012-ci ildə fəaliyyəti haqqında hesabatda da bu nailiyyətlər, ruh yüksəkliyi, gələcəyə inam aydın şəkildə öz əksini tapıb. Başda ölkə Prezidenti olmaqla nailiyyətlərimizi təmin edən hər bir hökumət üzvünə, hər bir insana öz minnətdarlığımı bildirirəm. Ölkəmizdə görülən işləri təqdir edir, hesabatı yüksək qiymətləndirirəm və onun təsdiq olunmasına səs verəcəyəm.
Bəlkə də bu sənəd daha geniş hazırlana bilərdi, təhlillərə, nəticələrə daha çox yer ayrılardı. Ancaq bu, əsas deyil, əsas real işdir, nəticədir, göstəricidir.
Hesabatdakı rəqəmlərə müraciət etmək istəmirəm, bu hamımıza məlumdur. Ancaq qeyd etmək istəyirəm ki, təmsil etdiyim Ağcabədi rayonunda son 6 ayda əgər 12 yeni məktəb binası tikilib istifadəyə verilibsə, bir məktəbin və müasir tipli bir uşaq bağçasının tikintisi yekunlaşıbsa, rayonun yol, qaz, işıq, su problemlərinin həlli, insanların həyat şəraitinin yaxşılaşması üçün əsaslı tədbirlər görülübsə, minlərlə iş yeri, yeni istehsal müəssisələri, ictimai iaşə obyektləri açılıbsa, bu dəyişikliklər yalnız Ağcabədidə deyil, ölkənin bütün regionlarında insanların gözü qarşısında baş verirsə və bu inkişafı dünya ölkələri, beynəlxalq qurumlar yüksək qiymətləndirirsə, sevinməyə dəyər.
Qazanılan yüksək nailiyyətlər ölkəmizdə yaradılan ictimai-siyasi sabitlikdən çox asılıdır. Lakin bu sabitliyi pozmağa çalışan, insanları qarşıdurmalara təhrik edən və öz iyrənc əməllərini söz, sərbəst toplaşmaq azadlığı ilə malalamağa səy göstərən daxili və xarici qüvvələr çoxdur. Sözdə qanunun aliliyindən, demokratiyadan, qanunları pozanlara qarşı ciddi mübarizə aparılmasının vacibliyindən gen-bol danışan bu insanlar qeyri-qanuni, razılaşdırılmamış aksiyaların keçirilməsinə görə cəzalandırılanda nədənsə qanunları nəzərə almırlar.
Azərbaycan xalqı razılaşdırılmamış, icazəsiz mitinqlərin, küçə yürüşlərinin əleyhinədir. Çünki belə qanunsuzluqlar, anarxiya, yersiz aksiyalar, mitinqlər 1990-cı illərin əvvəllərində torpaqlarımızın, kənd və şəhərlərimizin düşmən tərəfindən işğal edilməsinə, yüz minlərlə insanın qaçqın və köçkün vəziyyətinə düşməsinə, faciələrimizə, ölkəmizin sərvətlərinin talanmasına və beynəlxalq aləmdən təcrid olunmağımıza imkan yaratdı. Biz keçmişin dərslərindən ibrət götürməliyik, qanundankənar, icazəsiz hər hansı bir tədbirin, aksiyanın keçirilməsinə, qarşıdurmalara rəvac verən təbliğatın aparılmasına yol vermək olmaz.
Hörmətli Baş nazir, Siz son illər Ağcabədinin içməli su və suvarma suyu ilə bağlı problemlərinin aradan qaldırılması üçün çox böyük işlər görmüsünüz, əsaslı tədbirlər həyata keçirmiş və lazımi tapşırıqlar vermisiniz. Bunun üçün ağcabədililərin minnətdarlığını Sizə çatdırıram. Mən əhalinin pay torpaqlarının suvarılması üçün rayonda əlavə 30 və əhalini içməli su ilə təmin etmək üçün 25 artezian quyusunun qazılmasına köməklik göstərməyinizi xahiş edirəm. Bu, əhali üçün çox vacibdir.
Ölkədə müasir tipli xəstəxanaların, diaqnostika mərkəzlərinin tikilib istifadəyə verilməsi, səhiyyə obyektlərinin maddi-texniki bazasının yaxşılaşdırılması inkişafımızın, eləcə də insanların sağlamlığına göstərilən qayğı və diqqətin bir göstəricisidir. Özəl klinikaların sayının ildən-ilə artması da müsbət haldır. Ancaq etiraf etmək lazımdır ki, özəl tibb müəssisələrinin bir çoxu əhaliyə istənilən səviyyədə tibbi xidmət göstərə bilmir. Onlar daha çox ailə, qohum-əqrəba biznesini xatırladır. Bu tip müəssisələr çox vaxt özlərini reklam etməklə, xidmətin qiymətini artırmaqla, xaricdən əcnəbi həkimlər cəlb edib onlardan yararlanmaqla məşğuldurlar.
Bəzi hallarda xaricdən dəvət olunan həkimlərin kimliyi, hansı sahə üzrə ixtisaslaşdığı, peşəkarlığı dəqiq müəyyənləşdirilmir ki, bu da müalicə prosesində ciddi fəsadlar yaradır. İranlı bir həkimin narkotik tərkibli dərmanı kiçik yaşlı uşağa yazması, digər bir həkimin 30 növ xəstəliyi müalicə etməkdən başqa, vətəndaşı qəbul etmədən şəkillə ona diaqnoz qoya bilməsi haqda illərlə elan verməsi və sair hallar buna sübutdur.
Respublikada öz peşəsini sevən yüksək ixtisaslı həkimlərimiz olduğu halda tanımadığımız, qabiliyyətinə yaxından bələd olmadığımız yalançı əcnəbi həkimlərin ölkəyə axınının qarşısı alınmalıdır. Müvafiq orqanların bu məsələyə ciddi münasibət göstərməsi çox vacibdir.
Vaxtilə ulu öndərimiz Heydər Əliyevin qayğısı sayəsində çəkilən İmişli–Ağcabədi dəmir yolu xətti uzun illər kənd təsərrüfatı məhsulları, yanacaq, tikinti materialları daşınmasında mühüm nəqliyyat vasitəsi rolunu oynamış, rayonun iqtisadi, mədəni inkişafına yardımçı olmuşdur. Hazırda həmin dəmir yolu xətti istifadəsizdir və bu xəttin işləmədiyi üçün sıradan çıxmaq qorxusu vardır. Halbuki həmin dəmir yolundan nəinki yük, eləcə də sərnişin daşınması üçün istifadə etmək mümkündür və bu, ağcabədililərin ürəyindəndir. Nəqliyyat naziri hörmətli Ziya Məmmədov ağcabədililərin müraciətlərinə həmişə həssaslıqla yanaşmış və bütün hallarda əlindən gələn köməyi əsirgəməmişdir. Elə bilirəm ki, dəmir yolu xəttinin yenidən bərpa olunmasına o, lazımi köməkliyini edəcəkdir.
2013-cü il Azərbaycan xalqı üçün əlamətdar olacaq, hər yerdə ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyi təntənə ilə qeyd ediləcəkdir. 10 may xalqımız üçün artıq əziz bayrama çevrilmişdir. Bu il həm də prezident seçkiləri ilidir. Xalq öz prezidentini artıq 2003-cü ildən yaxşı tanıyır, sevir və ona hər an öz məhəbbətini, hörmətini ifadə edir. Sözsüz ki, seçkidə də belə olacaq və xalq Azərbaycanı bütün dünyada tanıdan, əməlləri ilə dövlətimizə şöhrət və şərəf gətirən Prezidentimizə, cənab İlham Əliyevə hamılıqla səs verəcəkdir. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Sağ olun. Fuad Muradov.
F.Muradov. Hörmətli Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Əvvəla, qarşıdan gələn Novruz bayramı münasibətilə hamınızı ürəkdən təbrik edir, sizə və ailənizə uğurlar arzulayıram.
Cənab Prezidentin müəyyənləşdirdiyi istiqamət üzrə hökumətin həyata keçirdiyi siyasətin uğurlu nəticələri, təbii ki, bizi çox sevindirir. Hesabatda öz əksini tapan rəqəmlər, proqnozlar Azərbaycanın real vəziyyətini və gələcək perspektivlərini aydın göstərir. Cənab Prezident başda olmaqla hökumətin düzgün iqtisadi konsepsiyasının həyata keçirilməsi iqtisadi inkişafın bu mərhələyə gəlib çatmasına səbəb olmuşdur. Bu istiqamətdə görülən işlər – inflyasiyanın aşağı səviyyəsinin qorunub saxlanılması, mikro və makro göstəricilərin balanslı həyata keçirilməsi, yeni iş yerlərinin açılması, regional layihələrdə iştirak, beynəlxalq maliyyə qurumları ilə münasibətlərin, eyni zamanda, biznes mühitinin yaxşılaşdırılması, təbii ki, Azərbaycan xalqının rifahının yaxşılaşmasında hiss olunur.
Nəzərə alsaq ki, Azərbaycan torpaqları işğal altındadır, bu gün ordu quruculuğu, müdafiə sənayesi kompleksinin inkişafı, eyni zamanda, vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətində həyata keçirilən işlər də alqışlanmalıdır. Düşünürəm ki, bu hesabatda göstərilən rəqəmlər və proqnozlar bizə gələcəyə çox ümidlə baxmağa imkan verir.
Təbii ki, iş olan yerdə müəyyən problemlər də ola bilər. İş olmayan yerdə problem olmur. Bəzi siyasi qruplar çalışırlar ki, bu problemləri qabardaraq qlobal bir problemə çevirsinlər. Lakin bu mümkün olmayacaq, çünki Azərbaycan xalqı çox ayıq xalqdır və ölkəmizdə həm ictimai-siyasi vəziyyət, həm də dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində görülən işlər çox yüksək səviyyədədir. Ona görə də heç bir daxili və xarici qüvvə Azərbaycanın stabilliyini poza bilməz. Biz buna imkan verməyəcəyik.
Azərbaycan bu gün regionda əsas dövlətlərdən biridir və onun həyata keçirdiyi müstəqil siyasət, təbii ki, bir çoxlarının xoşuna gəlməyə bilər. Amma Azərbaycan bu yolu tutub. Ulu öndər Heydər Əliyevin ideyaları bu gün də yaşayır. Həyata keçirilən islahatlar insanların gündəlik həyatında öz əksini tapır. Mən inanıram ki, cənab Prezident və onun komandası qarşıya qoyulmuş vəzifələrin həlli istiqamətdə həyata keçirilən islahatları davam etdirərək daha parlaq nəticələrə nail olacaq.
Mən təmsil etdiyim Səbail rayonu ilə bağlı bir neçə kəlmə demək istərdim. Amma bundan öncə hörmətli Baş nazirə təşəkkürümü bildirmək istəyirəm. Bu illər ərzində bir neçə dəfə onun qəbulunda olmuşam və Səbail rayonu ilə bağlı olan bütün problemlərin həllində bizə çox yaxından köməklik edib. Bir misal çəkim. Səbail rayonunda 32 nömrəli açıq tipli kanal uzun müddət insanlara zərər gətirirdi. Böyük bir işin həyata keçirilməsi sayəsində bu kanal bağlandı və insanları narahat edən problem aradan qaldırıldı.
Səbail rayonu Bakının gözüdür. O həm yeni iş yerlərinin sayı, həm ərazisində tez-tez beynəlxalq tədbirlərin keçirilməsi, həm də əhalinin sıx istirahət etdiyi yer olması baxımından paytaxtımızın mərkəzi rayonudur. Bu gün Səbail rayonunda həllini gözləyən bir neçə məsələ var ki, o məsələlərə mən xüsusi toxunmaq istəyirəm.
Mən Səbail rayonunda küçələrin işıqlandırılması ilə bağlı bir neçə dəfə müvafiq dövlət qurumlarına müraciət etmişəm. Hətta keçən il də hökumətin burada hesabatı zamanı mən öz fikrimi bildirdim və müvafiq qurumlardan xahiş etdim ki, bizim şəhərin işıqlandırılması ilə bağlı məşğul olan qurumların da bir hesabatı olsun və bu istiqamətdə görülən işləri biz də bilək. Bizim Bayıl qəsəbəsində bir neçə əsas küçə var. Orada çox müsbət işlər görülüb, binalar ağardılıb, yeni infrastruktur layihələri həyata keçirilib. Amma Səbail rayonunun əsas küçələri olan Xanlar küçəsində, Qurban Abbasov küçəsində və digər küçələrdə işıqlandırma olmadığına görə insanlar bunu yaxşı qiymətləndirə bilmirlər. Ona görə hörmətli Baş nazirdən və hökumət üzvlərindən çox xahiş edərdim ki, bu məsələdə bizə yardımçı olsunlar.
İkinci məsələ Səbail rayonunda qəzalı vəziyyətdə olan evlərlə bağlıdır. Bununla bağlı mən hörmətli Baş nazirə müraciət etmiş və bu yaxınlarda Milli Məclisdə də öz fikrimi bildirmişdim. Qəzalı evlərdən bir neçəsinə artıq dövlət komissiyası tərəfindən baxış keçirilmiş və bu istiqamətdə müəyyən işlər görülmüşdür. Amma daha bir neçə belə ev var ki, onların da probleminin həlli üçün bizə dəstək lazımdır. Bu məsələ ilə əlaqədar olaraq Baş nazirin dərkənarı ilə müvafiq qurumlara müraciət göndərilmişdi. Fövqəladə hallar naziri öz fikrini bildirmişdi. Amma təəssüflər olsun ki, Bakı Şəhər İcra Hakimiyyətindən bizə ya heç bir cavab verilmədi, ya da bildirildi ki, bu ilin büdcəsində bu nəzərdə tutulmayıb. Ona görə mən, yəqin ki, yenə hörmətli Baş nazirin qəbuluna getməli olacaq və xahiş edəcəyəm ki, bu məsələdə bizə yardımçı olsun.
Mən burada daha bir xahişimi səsləndirmək istərdim. Dünən biz Xocalıdan hər iki valideynini itirmiş uşaqlarla görüşdük. Onların sayı cəmi 25 nəfərdir. Əslində onlar artıq uşaq deyillər, gəncdirlər, amma müəyyən problemləri var ki, o problemlərin həllində biz onlara yardımçı olmaq istəyirik. Yəqin ki, onların problemlərinin həlli üçün biz hökumət üzvlərinə müraciət edəcəyik. Ona görə indidən xahiş edirəm ki, bu məsələyə həssas yanaşsınlar.
Məndən bir qədər əvvəl çıxış edən həmkarım Qüdrət Həsənquliyev Bakı şəhərinin həddən artıq yüklənməsi ilə bağlı bir fikir səsləndirdi. Mən onun bu fikrini dəstəkləyirəm. Biz, ümumiyyətlə, uzun müddətdir müzakirə edir və deyirik ki, Bakı şəhərinə xüsusi status verilməlidir. Xüsusi status ona gətirib çıxaracaq ki, Bakı şəhərində olan infrastrukturdan daha səmərəli istifadə olunacaq, Bakı şəhərinə hökumət tərəfindən həm maliyyə baxımından, həm də mənəvi baxımdan xüsusi yanaşma olacaq. Düşünürəm ki, Azərbaycana, Bakıya gələn qonaqlar da bunu xüsusi qiymətləndirərdi.
Hesabatı dəstəkləyir, hökumətə gələcəkdə uğurlar arzu edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Mübariz Qurbanlı.
M.Qurbanlı. Hörmətli cənab Sədr, hörmətli cənab Baş nazir, hörmətli hökumət üzvləri və deputatlar! 2012-ci il Azərbaycan üçün uğurlu il olmuş və ölkəmiz həm beynəlxalq miqyasda, həm də regionda mövqelərini daha da möhkəmləndirmişdir. Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan hökumətinin səlahiyyətlərini və vəzifələrini dəqiq müəyyən edibdir. Ona görə biz Konstitusiyada hökumətin üzərinə düşən səlahiyyətlərə diqqət yetirərək hökumətin fəaliyyətinə qiymət verməliyik. Ümumiyyətlə, dünyanın istənilən ölkəsində hökumətin fəaliyyətinə qiymət verilərkən bütövlükdə ölkənin sosial-iqtisadi inkişafı üçün onun nələr etdiyi əsas götürülür. Eyni zamanda, hökumətin yaxşı və ya pis olması həmin hökumətin vətəndaşın maddi rifahını yaxşılaşdırması üçün nələri etməsi ilə ölçülür.
Azərbaycan hökuməti Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sosial-iqtisadi və siyasi həyatının daha da irəliyə getməsi üçün çox ciddi layihələr həyata keçirməkdədir. Bizim əldə etdiyimiz bu uğurlar, demək olar ki, bütün sahələri əhatə edir və hökumətimiz Azərbaycan vətəndaşının maddi rifahının, hər bir ailənin rifahının yaxşılaşdırılması üçün addımlar atıbdır. Hesabatda verilən rəqəmlər, göstərilən ayrı-ayrı təhlillər bunu deməyə əsas verir ki, 2012-ci ildə Azərbaycan vətəndaşının, Azərbaycan ailəsinin rifahı irəliyə gedibdir. Yoxsulluğun səviyyəsinin 6 faizə enməsi deyilənləri bir daha təsdiq edir.
Eyni zamanda, hökumət ayrı-ayrı sahələrin inkişafına xüsusi diqqət yetirib. Regionların sosial-iqtisadi inkişaf proqramı mühüm əhəmiyyət kəsb edən proqramlardan biridir və bu proqram uğurla həyata keçirilməkdədir. Ölkəmizin məhz sosial-iqtisadi sahədə əldə etdiyi nailiyyətlərə görə bu gün beynəlxalq maliyyə qurumları Azərbaycanın reytinq göstəricilərini daha yüksək səviyyəyə qaldırmışlar. Yəni bu gün Azərbaycan bu və ya digər layihələri real həyata keçirmək gücünə malik olan ölkələr sırasına daxil olmuşdur. Eyni zamanda, beynəlxalq maliyyə qurumları Azərbaycanın istənilən layihəsinə dəstək verməyə hazır olduqlarını bəyan edirlər. Bu çox ciddi bir məsələdir.
Bir neçə ildir ki, dünya iqtisadiyyatında ciddi böhran yaşanmaqdadır. Bu böhran yüksək inkişaf etmiş ölkələrə də ciddi təsir göstərməkdədir. Ancaq bu illər ərzində Prezidentimizin müəyyən etdiyi strategiya və taktikanı uğurla həyata keçirən Azərbaycan hökuməti ölkəmizi baş vermiş iqtisadi təlatümlərdən daha uğurla çıxara bilmişdir. Bu əsasən maliyyə sahəsində özünü büruzə verir. Azərbaycan manatının dönərliyi, sabitliyi, bütövlükdə Azərbaycan maliyyə sisteminin sabitliyi bunu deməyə əsas verir. Ayrı-ayrı ölkələrdə bankların iflas etdiyi, valyutaların qiymətlərinin sürətlə aşağı düşdüyü bir zamanda Azərbaycan manatı, demək olar ki, sabit qalmışdır. Bu onu göstərir ki, Azərbaycanda çox ciddi maliyyə siyasəti, pul-kredit və vergi siyasəti həyata keçirilir.
Bu uğurların nəticəsidir ki, Azərbaycan vətəndaşı aldığı əmək haqqında hansısa bir inflyasiyanın təsirini, basqısını hiss eləmir. İnflyasiyanın birrəqəmli olması da çox ciddi bir məsələdir. Yəni bu, Azərbaycanın iqtisadi sahədə əldə etdiyi uğurlar, göstəricilərdir.
Ölkəmizdə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası qəbul edilibdir və bu konsepsiyaya uyğun olaraq Azərbaycan öz inkişafının əsas prioritetlərini müəyyənləşdirərək, yüksək rəqabət qabiliyyətli iqtisadiyyatın formalaşdırılması, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, informasiya-kommunikasiya texnologiyalarının inkişafı və bir çox digər sahələrdə gələcəyə istiqamətlənmiş möhtəşəm layihələr həyata keçirir. Bunların nəticələrini biz yaxın illərdə çox ciddi şəkildə görəcəyik.
Azərbaycan yalnız neft, qaz ixracı ölkəsi deyil, digər sənaye məhsullarını da ixrac edən ölkəyə çevriləcəkdir. Prezident İlham Əliyev belə bir strategiyanı qarşıya məqsəd qoyub. Sənayecə inkişaf etmiş ölkələr sırasına daxil olmaq bizim əsas strateji hədəfimiz elan edilibdir. Ona görə də ağır sənayenin, o cümlədən yüngül sənayenin inkişafı, bu sahədə ayrı-ayrı layihələrin həyata keçirilməsi çox ciddi bir siyasətdir və hökumət də bunu həyata keçirir.
Əlbəttə, infrastruktur layihələrini həyata keçirmədən, yerlərdə bunun üçün zəmin yaratmadan qarşıya qoyulan məqsədi həyata keçirmək mümkün olmazdı. Ona görə də sabit elektrik enerjisi, bütövlükdə enerji ilə təminat məsələlərinin həlli, regionlarda bu məsələnin sabitləşməsi ötən illərdə əsas vəzifələrdən biri olmuşdur. Bu gün, demək olar ki, Azərbaycanın istənilən bölgəsində istənilən sənaye müəssisəsini qurmaq mümkündür. Çünki burada onun üçün münbit şərait vardır. Orada sabit elektrik enerjisi var, digər infrastruktur layihələri həyata keçirilibdir, yollar çəkilibdir, nəqliyyat vasitələri bununla bağlı fəaliyyəti təmin edə bilər və sair. 2012-ci ildə yerinə yetirilən həmin vəzifələr, şübhə yox ki, növbəti illərdə daha ciddi uğurlar əldə edilməsinə gətirib çıxaracaqdır.
Hökumətin fəaliyyətinə qiymət verərkən onun büdcəni necə yerinə yetirdiyinə, qəbul olunmuş büdcənin qarşıya qoyduğu vəzifələri necə həyata keçirdiyinə də diqqət yetirilməlidir. Deyərdim ki, hökumət burada da vəzifəsini yerinə yetirə bilir. Büdcəni biz qəbul edirik və hər il də bizim büdcəmizdə profisit yaranır ki, bu özü də çox mühüm göstəricidir. Eyni zamanda, maliyyə vəsaitlərinə qənaət sisteminin tətbiq edilməsi və digər məsələlər də ciddi məsələlərdir ki, hökumətin verdiyi hesabatda bu sahədə də ciddi irəliləyişləri görməkdəyik. Əlbəttə, əldə edilmiş bu uğurlar bizim üçün siyasi, iqtisadi, sosial, mənəvi, psixoloji əhəmiyyət kəsb eləyir.
Bu uğurlar, eyni zamanda, bizim Ermənistan üzərində üstünlüyümüzü təsbit edir. Bu gün bizim iqtisadçıların verdiyi məlumatlarda Azərbaycan iqtisadiyyatının Ermənistan iqtisadiyyatını 8–9 və bəzi göstəricilərə görə hətta 10 dəfə geridə qoyduğu göstərilir. Bütün bunlar düşmən Ermənistanı iqtisadi yolla sülhə sövq etmək siyasətinin məntiqi davamıdır. Yəni təcavüzkarı müxtəlif yollarla – hərbi yolla, iqtisadi yolla və beynəlxalq təzyiq yolu ilə sülhə sövq etmək olar. Biz düşməni sülhə sövq etmək siyasətində iqtisadi nailiyyətlərimizdən ciddi istifadə edirik.
Burada Bakının yüklənməsi məsələsi qeyd olundu. Bu ciddi bir məsələdir. İnzibati yolla bunu həll eləmək mümkün deyil. Biz yenidən pasport qeydiyyatına və sairə qayıda bilmərik. Bunun yolu iqtisadi yoldur. İqtisadi yol isə regionların inkişafı ilə bağlı sənaye mərkəzlərinin yaradılması, regionlarda yeni iş yerlərinin açılmasının təmin edilməsidir.
Son illərdə Azərbaycanda turizm sürətlə inkişaf eləyir. Bizdə turizmin inkişafı ilə əlaqədar Turizm İnstitutu yaradılmışdır. Bu çox müsbət haldır. Bir sıra universitetlər təşkil olunub. Mən hesab edirəm, bu cür universitetlər, institutlar regionlarda fəaliyyət göstərsə, daha yaxşıdır. Əgər Turizm İnstitutu turizm mərkəzlərinin birində fəaliyyətə başlayardısa, tələbə kontingentinin də ora getməsi təmin edilərdi.
Ayrı-ayrı yeni sahələr yaradılanda biz regionların balanslı inkişafını mütləq nəzərə almalıyıq. Məsələn, Gəncə, Lənkəran, Şəki, Qəbələ və sair yerlərdə mərkəzlər yaradılmalı və sənaye obyektləri oraya köçürülməlidir.
Eyni zamanda, biz kənd təsərrüfatı məhsullarının ixracını artırmaq üçün həvəsləndirmə siyasətinə keçməliyik. Bəzi ölkələr burada bonus siyasəti həyata keçirir. Bizim ixracatın strukturunda kənd təsərrüfatının faizi çox aşağıdır. Bunu nəzərə almaq lazımdır.
Bütün ölkədə olduğu kimi, təmsil etdiyim Şəmkirdə də ötən il çox ciddi işlər görülübdür. İnfrastruktur layihələri həyata keçirilibdir. Yeni Daşkəsən layihəsi həyata keçirilməkdədir. Çoxlu məktəblər tikilib, yollar çəkilib. Bunlar öz yerində. Mən bu gün seçicilərimin Şəmkirlə bağlı bir xahişini diqqətinizə çatdırmaq istəyirəm. Orada Təzəkənd kəndi ilə Qarabağlar kəndini birləşdirən cəmi 3 kilometrlik bir yol var. Çox xahiş edərdim ki, Nəqliyyat Nazirliyi həmin yolun asfaltlanması ilə bağlı müvafiq addımlar atsın.
Mən hökumətin bu dövrdə fəaliyyətini, eləcə də 2012-ci ildə fəaliyyəti haqqında hesabatını müsbət qiymətləndirirəm və ona səs verəcəyəm.
Qarşıdan gələn bahar bayramı münasibətilə hökumət üzvlərini, deputatları, rəhbərliyi və media nümayəndələrini təbrik edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli Baş nazir, hörmətli həmkarlar və hökumət üzvləri! Məndən öncə qeyd olunduğu kimi, hökumətin hesabatı müzakirə olunarkən bir neçə parametr əsasında qiymətlər verilməlidir. İlk növbədə, təbii ki, iqtisadi stabillik qorunub saxlanıb və Azərbaycan regional və beynəlxalq miqyasda öz siyasi mövqelərini irəliyə daşıya bilibdir. Fəal bir mövqedə olub. Azərbaycanın bu dövr ərzində istər Cənubi Qafqaz, istərsə də daha böyük miqyasda önəmi başqa dövlətlər tərəfindən də qəbul olunubdur. İkitərəfli əlaqələr genişlənibdir. Heç şübhəsiz ki, bunların içərisində hökumətin payı var və bunlar müsbətdir, təqdir olunur.
Lakin çox istərdim ki, bizim bu hesabat yığıncağımız cənab Prezidentin rəhbərliyi ilə 12 fevralda keçirilən müşavirənin roluna xeyli dərəcədə yaxın olsun. Çünki bizim o dərəcədə əsasımız yoxdur ki, yalnız uğurları, müsbət məqamları qeyd eləyərək, o problemlərin üzərinə getməyək, çünki bu binadan çıxandan sonra o problemlərlə üz-üzəyik. Biz bilməliyik ki, onları məhz bu hökumət, bu hakimiyyət həll edəcəkdir. İnsanlar buna inanırlar. Hətta ən minimum səviyyədə hər hansı məsələdə, hər hansı sektorda dəyişiklik istəyən vətəndaş əlinə başqa şəxslərin, liderlərin deyil, məhz cənab İlham Əliyevin portretini götürür. Ona inanır, ona etibar eləyir.
Mən çox istərdim ki, həmin müşavirədən bir fikri xüsusi olaraq qabardım. Cənab Prezident öz nümunəsini bütün məmur ordusuna, mənim aləmimdə həm də parlament üzvlərinə, məhkəmə təsisatı sisteminə təqdim elədi. O təvazökarlıqdır, sadəlikdir, insanlara yaxınlıqdır, vətəndaşlarla özü arasında heç bir bufer zona yaratmamaqdır və sair. Düşünürəm ki, hər bir hökumət üzvü bunu nəzərə almalıdır. Əgər hər hansı bir məmur öz fəaliyyəti ilə ictimai etimadı zədələyibsə və əgər bu gün onun haqqında qərar verilməsə, əmin eləyirəm ki, cənab Prezident oktyabrın 15-də bu xalqın iradəsi ilə yenidən seçiləndən sonra hökumət də yenidən formalaşacaqdır. O şəxslərin öz yerini qoruyub saxlaması, bu kursda təmsil olunması məhz indiki fəaliyyətlərindən çox asılıdır. Ona görə o müşavirənin bütün qərarlarını rəhbər tutub Azərbaycanın bölgələrində, insanlar arasında olmaq, hər hansı sosial problemi başqa qüvvələrin başlarının üstünə qaldırmasına imkan verməmək lazımdır. Düşünürəm ki, bizim üçün ən başlıca məsələ budur.
Burada müxtəlif problemlər sadalandı. Mən ötən dövrdə bunların bəzilərinə toxunmuşdum. İstərdim, bunları bir daha qabardaq. Mən 2012-ci ildə hökumətdən cənab Prezidentin rəhbərliyi ilə Bakı Şəhər İcra Hakimiyyətində keçirilmiş müşavirənin nəticələrinə əməl eləməyi gözləyirdim. Onu umurduq, hər birimiz bunu istəyirdik. Bu da hələ rəsmiləşməyən, qanuniləşməyən tikililərlə bağlıdır. Qeyri-rəsmi rəqəmlərə görə onların sayı 450 mindən artıqdır. Bu, insan taleləridir, insanlardır, böyük bir ordudur. Onlar, ola bilsin, işıq, qaz və su pullarını verirlər, amma bir sıra hüquqi münasibətlərin müstəvisindən kənardadırlar.
Mən ötən dəfə də dedim, onların uşaqları məktəblərə getmirlər. Bilmirəm, onların sayı nə qədərdir, amma biz, görünür, valideynlər üçün məsuliyyət müəyyənləşdirməliyik ki, qeydiyyatda olub-olmamasından asılı olmayaraq övladlarını məktəblərə göndərsinlər. Sabah o şəxslər cəmiyyətə daxil olurlar və biz hər gün ekranlarda kriminal olayları müşahidə eləyirik. Bilməliyik ki, biz bu işlərlə onlara əsas veririk. Vətəndaşlar öz mülklərini kredit resursuna çevirə, digər hüquqi münasibətlərə girə bilmirlər. Ona görə çox arzulayıram ki, cənab Baş nazir cənab Prezidentə bu məsələnin ciddiliyini bir daha məruzə eləsin və bir dövlət komissiyası yaradılsın. Bu insanlar 10 illərdir, orada yaşayırlar, müxtəlif infrastrukturun çevrəsində qərar tutublar. Bu da başa düşüləndir. Kimsə gedib çöllükdə, biyabanlıqda, səhrada həyat qurmaz ki. O hər hansısa bir infrastrukturun yaxınlığında bunu həyata keçirir ki, ticarətə yaxın olsun və sair. Biz onların üzərinə ekskavatorla getməli deyilik. Mən düşünürəm ki, qarşıdakı dövr üçün bizim ən böyük vəzifələrimizdən biri budur.
İstəyirəm, kredit resursları ilə bağlı fikirlərimi bölüşüm. Burada Dövlət Neft Fondunun vəsaitlərinin çox uğurla yerləşdirilməsindən bəhs olundu. İndi qeyd olunur ki, Avstraliya dollarını, yəni bir hissəsini almışıq, çünki o gəlirlidir. Türkiyə lirəsi, rus rublu, Fransada müxtəlif iri kommersiya obyektləri və sair. Bunlar çox vacib məsələlərdir. Əlbəttə, dövlət öz resursunu daha yaxşı kapitala əsaslı vəsait kimi qoyur ki, beynəlxalq məkanda neftin qiymətinin sıçrayışlarından özünü sığorta edə, “sovet dili” ilə desək, sabah Qərb imperializmi birləşib neftin qiymətini aşağı salsa, Azərbaycan vətəndaşı qarşısında öz öhdəliklərini yerinə yetirə bilsin. Ancaq mən çox istərdim ki, o vəsait, eyni zamanda, Azərbaycan vətəndaşına da kredit resursu kimi verilsin. Çünki hələ də 25, 30 faizlə kredit alan Azərbaycan insanının bəlkə də 50 faizinin müxtəlif banklara kredit borcu var. Kim isə deyəcək ki, bu, normal bir hadisədir, iqtisadi sistemin tələbidir. Ancaq nəzərə almalıyıq ki, Amerikada adi bir ayaqqabını da ipoteka vasitəsi ilə alırlar. Biz də bunu Azərbaycanda bərqərar etmək istəyiriksə, kredit faizləri həddindən artıq aşağı olmalıdır.
Mən istəyirəm, cənab Prezidentin bir xarakterini də hamı üçün bir daha qeyd edəm. Bu, sovet dövrü deyil ki, bir sənəd on illərlə qala və sonra icraya yönəldilə. Ölkənin liderinin ən böyük peşəkarlığından biri də xalqa bağlı proqramları dərhal icraya yönəltməsi, ona dərkənar qoyması və imza etməsidir. Çox arzulayıram, bu məsələ məruzə olunsun. Üst-üstə hamısını toplayın, Azərbaycanda kredit resursu, verilən o məbləğ bir milyarddan artıq deyil. Əhalinin 5 milyondan artığını iqtisadi aktiv sayaq. Onlara verilən ümumi kredit 200 manatdan artıq deyil. Ona görə də mən çox arzulayıram ki, biz insanlarımıza daha aşağı faizlə kredit verək, onlar başqa strukturlara deyil, birbaşa o ünvanlara getsinlər.
Mən istəyirəm, kənd təsərrüfatı ilə bağlı əsaslı vəsait qoyuluşundan ibarət olan qrafikə diqqətinizi cəlb edim. O, 22-ci səhifədədir. Cəmi 0,5 faiz. Əhalinin aktiv hissəsinin 42 faizinin kəndlərdə, aqrar sektorda məskunlaşdığını nəzərə alsaq, 0,5 faizlə büdcə sistemində neftdən kənar sahələri inkişaf etdirmək çox çətin olacaqdır. Mən istərdim ki, bu sektora vəsait daha çox qoyulsun.
Bayaqdan Bakıda müxtəlif infrastrukturların köçürülməsindən danışılır. Çox arzulayıram, Kənd Təsərrüfatı Nazirliyi birinci növbədə köçürülsün, çünki o şəhər təsərrüfatını yox, kənd təsərrüfatını idarə edir.
Mən istəyirəm ki, “ASAN xidmət” məsələsinə diqqətinizi cəlb edəm. Bilirsiniz ki, bu, mühüm bir hadisə kimi meydana çıxdı. 23 sahədə müxtəlif problemlər var idi ki, cənab Prezident məhz bu cür addım atdı. Mən hökuməti “ASAN xidmət” sisteminə keçməyə çağırıram. Yəni düşünürəm ki, o 23 sahədəki problemlər olmasaydı, yeni bir quruma nə ehtiyac olacaqdı? Deməli, biz çətin xidmət aparırıq, ona görə də belə yeni qurumlar yaranır.
Mən istəyirəm ki, bizim analara verdiyimiz vəsaitə diqqətinizi cəlb edəm. Rusiyada (indi kimsə deyəcək ki, o ölkə ölən millətlər sırasındadır) bilmirəm, onun Azərbaycan dilində tərcüməsi necədir, “materinskiy kapital”a keçiblər, ən yüksək vəd verirlər. Mən bilmirəm, o, rus analarının dünyaya övlad gətirməsini nə qədər stimullaşdıracaq, amma sayın Ərdoğan da, artan bir millətin lideri də türk analarına üçüncü övlad tövsiyəsini bir daha verdi. Biz artmağımıza baxmayaraq, müharibə vəziyyətində yaşayan bir ölkəyik. Sabah bu analardan övlad istəyəcəyik. Ona görə düşünürəm ki, biz “ana kapitalı”, ya da ayrı bir adda onlar üçün vəsait müəyyənləşdirməliyik. Bu çox önəmli olardı.
Mən nəqliyyat vasitələrinin sığortası ilə bağlı məqama diqqətinizi cəlb etmək istərdim. Bu məcburi sığortadan 53 milyon manat pul qazanmışıq. Vətəndaşa isə cəmi 3 milyon vermişik. Amma sığorta sisteminin fəlsəfəsi ondan ibarətdir ki, burada dövlət yox, vətəndaş qazanmalıdır. Mən istəyirəm ki, 2013-cü il üçün müxtəlif siyasi layihələr cızan, ölkə xaricində hansı isə hadisələri törətməyə çalışan qüvvələri və bunun əlamətlərini gördüyüm üçün hamınızın diqqətini bir məqama cəlb edəm. Bizim hakimiyyət və hökumət olaraq rəqibimiz nə siyasi qüvvələrdir, nə “milyarderlərdir”, nə də müxtəlif hərəkatlardır. Bizim rəqibimiz qeyd etdiyim o problemlərdir. O problemlərin üzərinə getdikcə, bayaq söylədiyimiz kimi, bizim parlament üzvü kimi etibarımızı sarsıtmağımıza, kiminsə pis işinə görə mənfi münasibətə baxmayaraq, bu millət İlham Əliyevə inanır və ona səs verəcək. Ona görə də əminəm ki, biz bu problemləri həll etməklə digər qüvvələri arqumentsiz qoyacağıq. Bu hesabata səs verəcəyəm və gələcək dövrdə dediyim problemlərin nəzərə alınmasını arzulayıram. Sağ olun.
Sədrlik edən. Sağ olun. İqbal Ağazadə.
İ.Ağazadə. Möhtərəm cənab Sədr, hörmətli Baş nazir, möhtərəm millət vəkilləri, hökumət üzvləri! Mən də hamınızı qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik edirəm, sizə can sağlığı, uzun ömür və fəaliyyətinizin millətimiz, dövlətimiz üçün yararlı olmasını arzulayıram. Hörmətli cənab Sədr, mən keçən həftə parlamentdəki çıxışımda hökumətin gözlənilən hesabatında müdafiə, milli təhlükəsizlik, daxili işlər, xarici işlər nazirlərinin də iştirak etməsini Sizdən xahiş etmişdim. Azərbaycan Konstitusiyasının 115-ci maddəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin tərkibi haqqında bir maddə var. O maddədə qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin tərkibinə Azərbaycan Respublikasının Baş naziri, onun müavinləri, nazirlər və başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri daxildir. Mən neçə illərdir burada nə adını çəkdiyim qurumların, nə də xarici işlər nazirinin hesabatını görmürəm.
Bu ölkənin problemi təkcə sosial-iqtisadi məsələlərlə bağlı deyil ki. Mən büdcə müzakirə olunarkən hökumətin bu istiqamətdəki fəaliyyəti ilə bağlı ciddi iradlarımı bildirdim və tənqidlərimi səsləndirdim. Həm də digər sahələrdə bizim, o cümlədən xalqın, millətin cavab gözlədiyi kifayət qədər problemlər var.
Bəli, bu gün burada iqtidaryönümlü hər bir deputat çıxış edib qurtarandan sonra müxalifətin ünvanına bir daş atır ki, xaricdə və daxildə olan qüvvələr bunu sarsıda, problemləri bu şəkildə qaldıra bilməyəcəklər. Əgər bütün bunlar varsa və bütün bunları siz də deyirsinizsə, onda hörmətli hökumət üzvləri, nədən Azərbaycandakı insan haqlarının vəziyyəti, korrupsiya və rüşvətxorluğun beynəlxalq miqyasda Azərbaycanı ciddi tənqidlə üz-üzə qoyması, Azərbaycanda ordu ilə bağlı problemlərə həm vətəndaşların haqlı etirazı, həm də sorğulara cavablarla bağlı burada heç bir məsələ müzakirə olunmur və hesabatda öz əksini tapmır? Məgər bunlar Azərbaycan əhalisinin problemləri deyil?
Ermənistan–Azərbaycan münaqişəsinin həlli istiqamətində hörmətli hökumət üzvləri nə işlər görüb? 2001-ci il fevral ayının 23–24-də bu Milli Məclisdəki müzakirədən sonra keçən müddət ərzində Xarici İşlər Nazirliyi nə iş görüb? Millət vəkillərinə bu barədə hesabat vermək lazım deyilmi? Axı, Konstitusiyaya görə hökumət üzvləri tam tərkibdə hesabat verməli və hökumətin fəaliyyətinin bir hissəsi də Ermənistan–Azərbaycan münaqişəsinin həlli ilə bağlı olmalıdır. Çünki əhalinin böyük əksəriyyəti bununla bağlı çox ciddi narahatçılıq keçirir.
Yaxud da Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı beynəlxalq hesabatlar və vətəndaşları, siyasi qurumları, təşkilatları narahat edən məsələlər nədən hökumətin hesabatında öz əksini tapmayıb? Bəlkə hökumət elə hesab edir ki, bununla bağlı yalnız ictimai institut olan Ombudsman təsisatı hesabat verməlidir və buna nəzarət etməlidir. Yox, bu, hökumətin hesabatıdır və hökumət bilavasitə bunlara cavab verməlidir. Bayaq qeyd etdiyim kimi, ordu məsələləri ilə də bağlı hökumətə ünvanlanacaq suallara cavab verilməlidir. “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun tələblərinin yerinə yetirilməməsi də bu qəbildəndir.
Bəzən burada millət vəkilləri Azərbaycan vətəndaşları razılaşdırılmamış mitinqlərin keçirilməsinin qəti əleyhinədir və sair kimi bəyanatlar verirlər. Yaxşı, hökumət hesabat verə bilərmi ki, “razılaşdırılmış yer” anlayışı haradır və onun siyahısını kim təqdim edir? Bakı Şəhər İcra Hakimiyyəti hansı razılaşdırılmış yerlərin siyahısını verdi ki, Azərbaycanda siyasi qüvvələr, müxalif təşkilatlar bu yerlərin içərisindən birini seçmədi? Bakı Şəhər İcra Hakimiyyəti bir şeyi əzbərləyib: Bayıl və 20-ci sahə. Xəzər rayonunda da, Abşeronda da problem olanda (bəlkə bir azdan Sumqayıtı da ora əlavə edəcəklər) müxalifətə haradan müraciət etməyindən asılı olmayaraq 20-ci sahəni göstərir. Siz bu qanunla üzərinizə düşən öhdəliyi yerinə yetirmisinizmi ki, qarşı tərəfdən buna adekvat addım gözləyirsiniz? Hesab edirəm ki, hökumət bunlara diqqət yetirməli idi.
Hökumətin təqdim etdiyi sosialyönümlü hesabata gəlirəm. Burada qeyd olundu, Azərbaycan vətəndaşlarının 42 faizi kənd təsərrüfatı sektorunda çalışır. Azərbaycanda dövlət əsaslı vəsait qoyuluşu üzrə xərclərin sahələr üzrə istiqamətlərində onun yalnız 0,5 faizi kənd təsərrüfatına yönəldilib. Ölkəni necə inkişaf etdirmək mümkündür? Məhz bu əsaslı vəsait qoyuluşunun nəticəsidir ki, ölkənin ixrac potensialının 94 faizini neft və neft məhsulları təşkil edir. Təsəvvür edin ki, ixrac məhsullarının içərisində meyvə və tərəvəz 1,1 faiz, bitki və heyvan mənşəli yağlar 0,93 faiz təşkil edir. Ölkəni bütövlükdə şəhərləşdirmək, sənayeləşdirmək imkanına malik deyilik və ümumiyyətlə, bu, doğru siyasət deyil. Əgər o siyasət doğru deyilsə və kənd təsərrüfatı sahəsində 42 faiz adam çalışırsa, burada ciddi iqtisadi doktrina qəbul olunmalıdır. Kənd təsərrüfatının və onunla məşğul olan insanların işinin səmərəli qurulması və ölkənin ərzaq təhlükəsizliyi, daxili bazarı təmin etmək üçün ciddi şəkildə siyasət aparmaq lazımdır.
Rasionumuza diqqət edək. Düzü, bu rəqəmlər mənə bir qədər qəribə gəldi. Azərbaycan vətəndaşının rasionuna gündəlik 8 qram ət, 300 qram kartof, 360 qram da çörək düşür. Yəni bu rasion Azərbaycan vətəndaşlarının yaşayış haqqında təsəvvürlərini çox açıq şəkildə ortaya qoyur. Bu, Nazirlər Kabinetinin təqdim etdiyi hesabatdır. Mən hesab edirəm ki, bunun əsas səbəblərindən biri də sahibkarlığa dövlətin ciddi şəkildə dəstək verməməsidir. Dövlət əsaslı vəsait qoyuluşları üzrə xərclər sahələr üzrə ayrılanda sahibkarlığa ayrılan vəsaitin miqdarı, büdcədəki ümumi çəkisi sıfır faizdir. Mən hesab edirəm ki, dövlət bu yükü öz üzərindən sahibkarlığın üzərinə yönəltməlidir.
Mən bu məsələni bir dəfə də qeyd etmişdim. Hökumət hesabat hazırlayarkən nədənsə sahibkarlığa aid olan sahələri öz hesabatı kimi təqdim edir. Burada ayrı-ayrı şirkətlərin adları çəkilir. Mən o şirkətlərdə dövlətin nə qədər paya malik olduğunu öyrənmək istəyirəm. Dövlət, ümumiyyətlə, onlarda payçıdırmı? Mənim bildiyimə və burada oxuduğum məlumata görə, dövlət bunların heç birində payçı deyil. Dövlətin buradakı səhm faizi sıfırdır. Yaxşı dövlətin səhm faizi sıfırdırsa, bir şirkət nə qədər metal, mebel, kağız istehsal edibsə, bunun hökumətin fəaliyyətinə nə aidiyyəti var? Əgər o sahənin inkişafında hökumətin xidməti var idisə, ən azı ayırdığı kreditlər qeyd olunmalı idi. Hökumət rahatca burada yazmalı idi ki, biz dövlət büdcəsindən ayrılan güzəştli kreditlər hesabına bu sahənin dirçəldilməsinə xidmət etmişik. O faizləri göstərməli idi. Bu da yoxdursa, niyə burada yazılıb ki, filan şirkət filan qədər mebel satıb. Sənə nə? Hökumətə nə dəxli var bunun? Satıb pul qazanıb, istehsal sahəsidir və sair. Bunun hökumətin fəaliyyətinə heç bir aidiyyəti yoxdur. Hesab edirəm ki, hökumət bu tipli məsələlərdənsə, daha çox ona aid olan məsələləri, saydığım o problemləri kifayət qədər ciddi araşdırmalı və o istiqamətdə fəaliyyət göstərməli idi.
Mən bütövlükdə hökumətin hesabatını qeyri-qənaətbəxş hesab edirəm. Hesab edirəm ki, hökumət bu tipli məsələlərdə Azərbaycan iqtisadiyyatının spesifikasını, xarakterini düzgün araşdırmalıdır. Azərbaycan əhalisinin əgər 42 faizi kənd təsərrüfatı ilə məşğuldursa və bu rayonlarda əhalinin az qala 50 faizi yaşayırsa, Azərbaycan yeni iqtisadi doktrina qəbul etməlidir. Azərbaycan bu yeni doktrina əsasında da neftdən gələn pullar hesabına Azərbaycan iqtisadiyyatını yeni formada layihələndirməli, şəkilləndirməli, gələcəyə yönəlik yeni iqtisadi siyasət qurmalıdır. Əks təqdirdə bizdən asılı olmayan səbəblər üzündən dünyada baş verən hər hansı iqtisadi kataklizm, qiymətlərin qalxması və ya enməsi Azərbaycan vətəndaşlarını da, dövlətini də çox ciddi problemlərlə üz-üzə qoyacaq. Arzu edək ki, növbəti illərdə bu problemlərin olmaması üçün ciddi bir doktrina ortaya qoyulacaq. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Fazil Mustafa.
F.Mustafa. Hörmətli cənab Sədr, hörmətli Baş nazir, hörmətli millət vəkilləri və hökumət üzvləri! Hər dəfə biz Nazirlər Kabinetinin hesabatı ilə tanış olarkən, təbii ki, müxtəlif iradlarımızı bildiririk. Əvvəla, mən hörmətli Artur müəllimə təşəkkürümü bildirmək istəyirəm ki, millət vəkillərinin qaldırdığı məsələlərin həlli istiqamətində hansı işlər görülübsə, artıq hesabata daxil edilir və bu, yaxşı bir ənənəyə çevrilir. Bunların nə dərəcədə yerinə yetirilib-yetirilməməsi kimdəsə şübhə doğura bilər, amma bütöv halda bunun bir etiket qaydaları olaraq tətbiq olunması müsbət bir haldır.
Təbii ki, burada hesabatla bağlı müxtəlif fikirlər səslənəcək. Parlamentdə hakim partiyanın çoxluğunu nəzərə alsaq, çıxışların böyük əksəriyyəti, yəqin ki, hökumətin fəaliyyətinin tərifinə yönələcək. Amma mən hesab edirəm ki, biz burada nə qədər tərifləsək də, cəmiyyətdə real vəziyyət başqadır. Yəni əhalinin bütün sosial təbəqələri arasında sorğu keçirsəniz, görərsiniz ki, ötən ilki hesabatdan keçən dövrdə onların yaşayış şəraitində yaxşıya doğru dəyişən çox az şey var. Bunun da əsas səbəbi, həqiqətən də, yeni iqtisadi kursun hiss olunmaması, bu islahatın Azərbaycanda real şəkildə aparılmamasıdır.
Hökumət bunun üçün nə etməlidir? Təbii ki, dünyanın şərtləri, böhranlar və başqa məsələlər var. Mənim fikrimcə, hökumət cənab Prezidentin son illərdə etdiyi çıxışları zamanı bloknota etdiyi qeydləri yerinə yetirsə, heç xalqın dediyinə baxmasa belə, Azərbaycanda böyük işlər görmək olar. Amma biz bunun əksini görürük.
Bu yaxınlarda cənab Prezidentin sahibkarlarla bağlı çıxışı oldu. Bu çıxış cəmiyyət tərəfindən də yüksək qiymətləndirildi. Amma dəyişən nə oldu? Bir ay keçmədi, sahibkarların vəziyyəti ayrı-ayrı məmurların fəaliyyəti nəticəsində daha da pisləşməyə doğru getdi. Bu gün gedin, Binədə, Sədərəkdə və başqa yerlərdə xırda sahibkarların başına açılan oyunlara baxın. Gündə 100 manat verməlisən, vergidənkənar ödəməlisən, 200 manat gəlir verməlisən. Hətta rüşvəti də, əlavə pulu da sabit şəkildə istəmirlər ki, şəxs ayın sonunda 300 manatın cibindən çıxacağını planlaşdırsın. Sahibkarların bu cür sıradan çıxarılması, həqiqətən də, ölkənin iqtisadi qüdrətinə böyük zərbə vurur. Bu nə qədər sürəcək?
Binədə adamlar ayağa qalxdılar, onu bir az başqa formada anladılar. Halbuki o, Azərbaycan vətəndaşıdır. Onların qarşısına çıxıb öyrənmək lazımdır ki, dərdləri nədir. Axı, bunlar siyasiləşmiş insanlar deyillər ki, mitinq keçirsinlər, başqa nə isə eləsinlər. Görünür, bu qanunsuz ödəmələrdən o qədər boğaza yığılırlar ki, sərt addımlara əl atmalı olurlar. Heç olmasa, Prezidentin bu istiqamətdəki göstərişlərini dəqiq yerinə yetirməklə bu təbəqələrin ən azı işində gərginliyi ortadan qaldırmaq mümkün ola bilər. Bir sıra rayonlarda yenə də sahibkarların müəyyən dərəcədə qanunsuz işlərə cəlb olunması, vəsait ödəməsi və gördüyü işlərinə görə vəsaitin verilməməsi faktları kifayət qədərdir. Bunlar da hələlik ortadan qaldırılmır. Burada mən sistemli olaraq təkliflərimi səsləndirmək istəyirəm.
Birinci, son vaxtlar gənclərin problemi ilə bağlı müsbət addımlar atıldı. Gənclər Fondu yaradıldı və başqa məsələlər həyata keçirildi. Amma ipoteka şərtləri çox ağırdır. Siz təsəvvür edin, ilkin ödəniş 20 min manatdır. Qabiliyyəti olan adam elə özünə torpaq alıb ev tikər də. Yəni bu şərtlər aşağı salınmalıdır ki, millətin genefondu sıradan çıxmasın, gənc ailələr normal şərtlərlə övlad böyüdə bilsinlər. 8 faiz ipoteka ilə buna nail olmaq mümkün deyil. Heç olmasa, bu, 4 faizə endirilməlidir, çünki xaricdə qoyduğumuz vəsaiti Azərbaycan vətəndaşına aşağı faizlə vermək imkanımız var. Bu imkandan niyə istifadə etmirik, bunu anlamaq olmur. Siz diqqət etsəniz, hesablamalara görə, gənclər və idman siyasətinin həyata keçirilməsi üçün hər gəncə ayda 1 manat 95 qəpik pul ayrılır. Bu gənci hansı formada inkişaf etdirmək, onun hansı sosial problemini həll etmək olar?
Korrupsiya kampaniyalarında ən çox əziyyət çəkən təbəqə müəllimlər və səhiyyə işçiləridir. Yəni böyük vəsaitlərin hamısı qıraqda qalır. Sanki korrupsiyanın miqdarı var. 200 manatdan yuxarı kim nə aldısa, korrupsiya sayılır, aşağı kim nə aldısa, korrupsiya sayılır. Yəni siz diqqət edirsinizsə, bizdə həkimin maaşı 150 manatdır. Səudiyyə Ərəbistanında həkimin maaşı bizim pulla 5 min manatdır. 5 min manat alan hansı həkim gedib başqasından rüşvət alar? Hər bir həkimin başının üstündə 311-ci maddə “Demokl qılıncı” kimi asılıb. Hər dəfə kampaniya keçirilir, hətta jurnalist də tuturlar. Barışdırıcı missiya ilə, xilaskar kimi jurnalist də gəlib peyda olur və həkimlərin, tibb işçilərinin müəyyən dərəcədə ilişdirilməsi üçün kampaniyada iştirak edirlər. Bu da, əslində, islahatların səmimiliyinə şübhə yaratmağa başlayır. Ona görə də cəmiyyətin az maaş alan təbəqələrinin bu cür primitiv formada sıradan çıxarılması ilə ölkədə islahatlar aparmaq imitasiyasından, məncə, əl çəkmək lazımdır.
Səhiyyə sahəsində ciddi problemlər var. Ölkəmizdə sidik kisəsi xəstəlikləri ilə doğulan çox sayda uşaq var. Bunun müalicəsi daha çox xaricdə həyata keçirilir və böyük vəsait tələb edir. Gündə onlarca adam qəbula gəlir və övladının müalicəsi üçün pul istəyir. Çoxu da Heydər Əliyev Fonduna müraciət edir. Sağ olsunlar ki, orada xeyli insanın tələbatı ödənilir. Amma 9 milyon əhalinin hamısının tələbini ödəmək mümkün deyil. Ona görə də, mənə elə gəlir, hökumət bir yol fikirləşməli, bir səhiyyə fondu, nə isə yaradılmalıdır ki, heç olmasa, çox acınacaqlı vəziyyəti olan, bu və digər xəstəliklərdən əziyyət çəkən uşaqların müalicəsi üçün müəyyən işlər görülsün. Çünki uşaq pul qazana bilmir. Valideyni qazanırsa, özünün müalicəsinə baxsın. Amma övladının yükünü üzərinə götürmək imkanına sahib deyilsə, onu sıradan çıxarmaq olmaz.
Bir də, ən ciddi problemlərdən biri təcili yardım sektorunda, dövlət və özəl statusundan asılı olmayaraq, ambulansların vahid idarəçiliyi məsələsi həll olunmalıdır. Çünki diqqət edirsinizsə, yollar qoymamışıq. Hər yerdə –Türkiyədə, Avropada təcili yardım üçün yol var. Onlar bu yolla gedir və ən azından müəyyən bir təhlükənin qarşısını almaq olur. Azərbaycanda infrastruktur salınanda təcili yardımı, səkini, piyadanı düşünmürük. Sadəcə, çəkirik, vəssalam. Bu məsələ bir mərkəzdən idarə olunmalıdır ki, məsələn, özəl müəssisədə problem olanda dövlət ambulansları ora köməyə gedə bilsin. Özü də yaxında tibb müəssisəsi varsa, onlar köməyə gedə bilsin və bu, koordinasiya ödənişli əsaslarla öz həllini tapsın.
Müəllimlərin, həkimlərin əmək haqlarının artırılması məsələsi tez-tez qaldırılır. Amma bu, yetərli deyil. Bunu 5–10 faiz qaldırmaqla biz müəllimin dərdinə dərman tapmırıq. Heç olmasa, bir dəfə 50–60 faiz qaldırılandan sonra 5–10 faiz məsələsini gündəmə gətirmək olar.
Bu cür məsələlərdə, məncə, biz ən çox əziyyət çəkən təbəqələrin vəziyyətini düşünməliyik. Azərbaycanda birinci qrup əlil 60 manat müavinət alır. Bizdə isə pensiyaçılar üçün yaşayış minimumu 94 manat, uşaqlar üçün 93 manatdır. Birinci qrup əlilin hansı imkanı var ki, gedib işləyib əlavə vəsait alsın? Yəni minimum həddə yaşayan insanların sosial vəziyyətini yaxşılaşdırmaq üçün bu vəsaiti yaşayış minimumuna çatdırmaq imkanları düşünülməlidir. Çünki bu insanlar, həqiqətən də, bir dərmana ödənən pulla özlərini yaşada bilmirlər.
Kənd təsərrüfatında torpaqların meliorasiya problemi var və şoranlaşma baş alıb gedir. Ölkə ərazisinin təqribən 60 faizə yaxın kənd təsərrüfatı torpaqları şoranlaşıb. 20 faiz torpağımız ermənilərin işğalı altındadır, qalan torpaq da şoranlaşıb. Bu problemlər kompleks həll edilməyincə, ölkədə insanların sosial vəziyyəti yaxşılaşmayınca hökumətin hesabatına müsbət yanaşmaq olmur. Mən hesab edirəm ki, Allahın verdiyi bu nemətlər Azərbaycan üçün bir şansdır. Ona görə daha məsuliyyətlə yanaşıb ölkənin rifahı üçün çox işlər görmək fürsətini qaçırmamalıyıq. Diqqətinizə görə bir daha təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Əli Əhmədov.
Ə.Əhmədov. Təşəkkür edirəm, hörmətli Oqtay müəllim. Məndən əvvəl çıxış edən hörmətli millət vəkillərindən fərqli olaraq Azərbaycan hökumətinin 2012-ci ildəki fəaliyyəti ilə əlaqədar təqdim edilən hesabatı obyektiv qiymətləndirməyin tərəfdarıyam. Bu qənaətim təkcə Yeni Azərbaycan Partiyasını təmsil etməklə əlaqədar deyil. Hər şeydən əvvəl, mən belə hesab edirəm ki, hökumətin fəaliyyətini qiymətləndirərkən əsaslı inkişaf meyilləri və bunun nəticələri dəyərləndirilməlidir. Bu kontekstdən yanaşdıqda həm hökumətin bizə təqdim etdiyi hesabatda, həm də Baş nazir hörmətli Artur Rasizadənin səsləndirdiyi rəqəmlərdə Azərbaycanda bütövlükdə son illərdə müşahidə olunan inkişaf tendensiyasının 2012-ci ildə də özünü davam etdirdiyinin şahidi olmuşuq. Bu inkişafı əks etdirən rəqəmlər o qədər əhəmiyyətli, o qədər genişdir ki, nə bunların üzərindən ötmək, nə bunları görmək, nə də bunları həyatımızın ayrı-ayrı sahələrində çox ciddi şəkildə axtarmağa çalışanda tapdığımız xırda nöqsanlarla ört-basdır etmək mümkündür.
Mən, xüsusilə deputat İqbal Ağazadənin Azərbaycanda ərzaq təhlükəsizliyi ilə əlaqədar problemlərin olması barədə dediyi fikrə münasibət bildirmək istəyirəm. Birmənalı şəkildə bildirmək istəyirəm ki, Azərbaycan iqtisadiyyatında son illərdə əldə olunan nailiyyətlərdən biri də ölkə Prezidentinin müəyyənləşdirdiyi siyasi xətt əsasında ərzaq təhlükəsizliyinin təmin edilməsi sahəsində əldə olunan uğurlardır. İndi Azərbaycan əhalinin ərzağa olan tələbatının əhəmiyyətli bir hissəsini öz daxili istehsalı hesabına ödəyir. Amma bir neçə ay bundan əvvəl vəziyyət tamamilə fərqli idi. Bu istiqamətdə olan kiçik problemlərin də yaxın zamanlarda həll olunacağına ciddi şəkildə inanırıq.
Dünya iqtisadiyyatında kənd təsərrüfatı istehsalının bütövlükdə iqtisadi göstəricilər baxımından kiçik rəqəmlərlə ifadə olunduğu heç kimə sirr deyildir. Dünyanın heç bir yerində, xüsusilə inkişaf etmiş ölkələrdə kənd təsərrüfatı istehsalı bütövlükdə istehsalda əhəmiyyətli rol oynamır və yaxud onun böyük hissəsini təşkil etmir. O ki qaldı kəndə və kənd təsərrüfatının inkişafına diqqət və qayğının olmaması məsələsinə, bildirmək istəyirəm ki, Azərbaycan hökuməti uzun illərdir, kənd təsərrüfatı istehsalçılarını vergilərdən azad etməklə, əslində, ən böyük investisiyanı kənd təsərrüfatı istehsalının inkişafına qoyur.
Azərbaycandakı inkişaf özünü bir çox sahələrdə aydın şəkildə büruzə verməkdədir. Mən Azərbaycan insanının tələbatlar sisteminin əhəmiyyətli şəkildə dəyişməsini qeyd etmək istəyirəm. Bu gün Azərbaycan vətəndaşının, insanının tələbatları sistemində ciddi dəyişiklik baş verib. Əgər biz 10–15 il bundan əvvələ nəzər salsaq, görərik ki, o vaxt Azərbaycanda insanların aldığı əmək haqqının 80–85 faizi yalnız ən zəruri tələbatların ödənilməsinə xərclənirdi. İndi isə bu sahədə ciddi struktur dəyişiklikləri baş verib. İnsanların tələbat sistemi zənginləşibdir. İndi insanlar aldıqları əmək haqqının çox hissəsini məcburi olaraq ərzağa sərf etmək məcburiyyətində qalmırlar. Artıq mədəni tələbatların ödənilməsi, istirahət xərclərinə vəsait sərf edilməsi kimi yeni tələbatlar sistemi ortaya çıxıbdır. Bu, Azərbaycandakı iqtisadi inkişaf nəticəsində insanlarımızın həyatında baş verən dəyişikliklərin əhəmiyyətli bir hissəsidir.
Mən hökumətimizin 2012-ci ildəki fəaliyyətinin bu istiqamətdə öz bəhrəsini verdiyini də qeyd etmək istərdim. Azərbaycanda əldə olunan əhəmiyyətli nailiyyətlərdən biri də insanların real pul gəlirlərinin artım tempinin kifayət qədər yüksək olmasıdır. Özü də bu artım iqtisadi inkişaf templərini üstələyir. Bu da ondan xəbər verir ki, yaradılan azad iqtisadi mühit Azərbaycan vətəndaşlarının bütövlükdə həyat səviyyəsini və gəlirlərini artırır. Tələbatlar sisteminin artması, insanların daha çox şeylər tələb etməsi fəaliyyətin zəifliyinin yox, onun kifayət qədər yüksək nəticələrinin ifadəsidir. Əgər 15 il bundan əvvəl insan ancaq çörək istəyirdisə, bu gün artıq istirahət, yaxşı avtomobillər, yaxşı evlər istəyir. Bu, inkişafın nəticəsidir. Əgər inkişaf olmasaydı, insanların bu tələbatlar sistemi də formalaşmazdı. Bu, eyni zamanda, insanların pul gəlirlərinin artmasının bilavasitə nəticəsidir. Təbiidir ki, bütün bunların hamısı bizim nailiyyətlərimizdir.
Eyni zamanda, mən hökumətimizin bundan sonra həm fəaliyyətini təkmilləşdirməsi, həm də qarşıda duran bir sıra məsələləri həll etməsi baxımından bəzi təklif və düşüncələrimi səsləndirmək istərdim. Bayaq pul gəlirləri haqqında dedim. Pul gəlirləri, doğrudan da, sürətlə artır. Bu, cəmiyyətdə təbəqələşmə, qütbləşmə, xüsusilə də büdcədən maliyyələşən təşkilatlarda əmək haqlarının nisbətən geriyə qalması, fərqlərin artması risklərini yaradır. Bu sıraya müəllimləri, həkimləri, elmi işçiləri, kiçik məmurları, pensiyaçıları aid etmək olar. Bununla əlaqədar olaraq hökumətin qarşısında duran başlıca vəzifələrdən biri növbəti illərdə bu kateqoriyadan olan insanların əmək haqlarının artırılmasını təmin etməkdən ibarət olmalıdır. Onu da qeyd edim ki, hökmən bu artım metodikasının təkmilləşdirilməsinə nail olmaq lazımdır. Elə etmək lazımdır ki, digər sahələrdə pul gəlirlərinin artması təbəqələşmənin meydana gəlməsinə, yaxud təbəqələşmənin dərinləşməsinə gətirib çıxarmasın.
Mən bir məsələni də qeyd etmək istəyirəm. Bu da əhalinin aztəminatlı hissəsinin mənzillə təmin olunması ilə əlaqədardır. Bu problemi həll etməkdən ötrü, güman edirəm ki, iki başlıca vəzifəni qarşımıza qoymalıyıq. Birinci vəzifə budur ki, hökumət ucuz mənzillərin tikilməsini stimullaşdırmağa çalışmalıdır. Bu çox əhəmiyyətli məsələdir. Bugünkü mənzillər kifayət qədər bahadır, aztəminatlı ailələr onu ala bilmirlər. İkincisi isə uzunmüddətli, sərfəli kreditlərin verilməsi yolu ilə aztəminatlı ailələrin mənzil şəraitinin yaxşılaşdırılmasına nail olmaq mümkündür.
Dəfələrlə burada qaldırılmış bir məsələni bir daha səsləndirmək istəyirəm. Uşaq evlərində tərbiyə alan, məktəbi orada bitirən oğlanların və qızların sonrakı taleləri ilə ciddi şəkildə məşğul olmaq lazımdır. Mən hesab edirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə bu istiqamətdə ciddi işlər görmək olar. Yataqxanalar tikmək olar ki, onlar təhsillərini başa çatdırdıqdan sonra burada yaşaya bilsinlər. Yenə də həmin nazirliyin imkanları çərçivəsində valideyn himayəsindən məhrum olmuş uşaqların işlə təmin edilməsi məsələsini də gündəmə gətirmək olar. İstehsalat sexləri, istehsalat kombinatları yaratmaq olar. Bu təcrübə müxtəlif ölkələrin nümunəsində mövcuddur və bu gəncləri taleyin hökmünə buraxmaq doğru deyil. Güman edirəm ki, biz bunu həll edə bilərik.
Mən hökumətimizin fəaliyyəti ilə əlaqədar bir məsələni də qeyd etmək istəyirəm. Regionların sosial-iqtisadi inkişafı ilə əlaqədar hörmətli Prezidentimizin müəyyənləşdirdiyi strategiya uğurla həyata keçməkdədir və öz bəhrələrini verir. Regionlar ciddi şəkildə dəyişibdir. Mən belə hesab edirəm ki, indi regionların idarə olunmasının daha yüksək səviyyəyə qaldırılması imkanları yaranıbdır. Mən regionların dotasiya ilə idarə olunması, ehtiyaclarının dotasiyalar hesabına ödənilməsi prinsipindən regionların öz hesablarına xərclərini və ehtiyaclarını ödəməsi metodikasına keçilməsini təklif edirəm. Əlbəttə, ola bilsin ki, bu, indiki halda müəyyən problemlər yarada bilər. Amma bütövlükdə yerli icra hakimiyyəti strukturlarının və orqanlarının fəaliyyətinin daha ədalətli şəkildə, eyni zamanda, daha səmərəli şəkildə qiymətləndirilməsi, onlara qiymət verilməsi prizmasından yanaşdıqda bu metodikanın tətbiq edilməsi daha səmərəli görünür və daha böyük əhəmiyyət kəsb edə bilər.
Əlbəttə, digər səsləndirilən məsələlər də, güman edirəm ki, 2013-cü ildə hörmətli nazirlərimiz, bütövlükdə hökumətimiz tərəfindən nəzərə alınacaq. 2013-cü ildə hökumətimizin göstərdiyi səmərəli fəaliyyət, əldə olunan nailiyyətlər, iqtisadi inkişaf, insanların rifahının yaxşılaşması prinsip etibarilə bütövlükdə fəaliyyətin səmərəliliyindən xəbər verir. Mən hesab edirəm ki, deputatlarımız da bunları nəzərə alaraq hökumətin təqdim etdiyi hesabatı müsbət qiymətləndirəcək və buna səs verəcəklər. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Bilirəm, adınız yazılıb və Sizə qarşı təxribat ediblər. O təxribatın qarşısını alarıq. Buyurun.
S.Novruzov. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli Baş nazir, hörmətli nazirlər, hökumət üzvləri, hörmətli deputatlar! Mən də həmkarlarıma qoşulub hər birinizi qarşıdan gələn bayram münasibəti ilə ürəkdən təbrik edirəm. Hesab edirəm ki, hökumətin hesabatı çox yüksək səviyyədə hazırlanmışdır. Deputat həmkarlarımdan da xahiş edirəm ki, səs verib hesabatı qəbul edək.
Qaldırılan bir neçə məsələ ilə bağlı fikrimi bildirmək istəyirəm. Bəzən görürsünüz ki, burada büdcə ilə Nazirlər Kabinetinin hesabatını səhv salanlar olur. Büdcənin müzakirəsi başqa məsələdir, hesabatın müzakirəsi başqa. Büdcə müzakirə olunanda hər birimiz öz arzu və istəklərimizi hökumətə çatdırmışıq. Hökumət də müzakirə edib nəyi edə biləcəyi, nəyi edə bilməyəcəyi barədə burada növbəti dəfə məlumat verir. Sadəcə, bu, 2012-ci ildə görülən işlərin hesabatıdır ki, çox geniş şəkildə də təqdim olundu. Qeyd olundu ki, Azərbaycanda 70 ildə bu qədər səhiyyə obyekti tikilməyib. Cənab Baş nazir dedi ki, 500-ə yaxındır. Təkcə Bakıda deyil, regionların hamısında məktəblərin, körpülərin, yeraltı keçidlərin tikilməsinin, yolların çəkilməsinin şahidi oluruq. Dünən mən respublikamızın ən ucqar nöqtəsi olan Gədəbəy rayonunda keçirilən YAP-ın tədbirindən qayıdırdım. Yol boyu gördüklərimi 10 il bundan qabaqkı vəziyyətlə müqayisə etdim. 10 il bundan qabaq hansı vəziyyətdə idi, indi hansı vəziyyətdədir? Bizim rayon mərkəzlərimiz, şəhərlərimiz ayrı-ayrı postsovet ölkələrinə daxil olan ölkələrin şəhərlərindən çox abaddır və çox işlər görülübdür. Bu proses davam edir. Məhz buna görə də bu hökumətin hesabatı qənaətbəxş hesab olunmalıdır.
Sərbəst toplaşmaqla əlaqədar fikirlər söylənildi. “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanun var. Bakı Şəhər İcra Hakimiyyəti həmin yerə müraciət olanda bunu müəyyənləşdirir. Hər bir şəxs kimliyindən, hansı dinə, imana qulluq etməsindən asılı olmayaraq, Azərbaycan vətəndaşıdırsa, onun təhlükəsizliyi Azərbaycan dövlətinin üzərinə düşür. O baxımdan da Bakı Şəhər İcra Hakimiyyəti həmin yeri məqbul hesab edib deyir ki, gedin, orada keçirin. Əgər sizin tərəfdarlarınız, sosial bazanız varsa, lap gedin, Ərdəbildə keçirin. Məsələyə nə aidiyyəti var? Bayraq meydanının yanında, dənizə yaxın təmiz havası olan abad yer hazırlanıb. Getsinlər, keçirsinlər. Sosial bazaları yoxdur deyə, Fəvvarələr meydanına ya 5–6 qohum-əqrəbasını, ya da uşaqlarını ötürürlər. Yaxud da Azadlıq meydanını və başqa-başqa yerləri tələb edirlər. Yadlarından çıxarıblar ki, hakimiyyətdə olduqları dövrdə Azadlıq meydanını qərarla dövlət tədbirləri üçün özləri ayırıblar. Bu baxımdan hesab edirəm, Azərbaycanda sərbəst toplaşmaq azadlığı tam şəkildə qorunubdur və qanun çərçivəsində həyata keçirilir. Amma bunu qanun çərçivəsində həyata keçirmək istəməyən insanlar var. Azərbaycanda insan hüquq və azadlıqları yüksək səviyyədədir və bu gün hökumət tərəfindən qorunur.
Burada həmkarlarım kreditlərlə bağlı danışdılar. Mən bir fakt gətirəcəyəm. Təbii ki, faizlər yüksəkdir, mən də onunla razıyam. Amma bu yaxınlarda bir rayonda (rayonun adını demirəm) evləri ziyan görmüş şəxslərə kompensasiya ödənildi. Həmin gün bu rayonda 64 dənə maşın aldılar. Düzdür, bəziləri bu krediti istehsalata, kənd təsərrüfatına sərf edir. Bəziləri də alan kimi ya kiməsə olan borcunu aparıb verir, ya da gedib oğluna maşın alır. Bundan sonra da yapışır hökumətin yaxasından ki, mən krediti ödəyə bilmirəm. Kredit təyinatlı verilir, buna uyğun da istifadə olunmalıdır.
Dünyanın heç bir ölkəsində görünməmiş haldır ki, sellə, zəlzələ ilə bağlı böyük-böyük kəndlərdə evlərin hamısı dövlət tərəfindən yenidən tikilir, vətəndaşlara təqdim olunur. Qaçqınlar üçün nə qədər binalar tikilib. Amerika Birləşmiş Ştatlarında sel gəlir, hər şeyi aparır, hökumət qırağa çəkilir. Deyir ki, mənə nə aidiyyəti var, əmlakını sığortalayaydın, indi də sığorta pulunu alıb evini tikəydin. Elə rayon var ki, cəmi 90 ev sığortalanıb. Sabah təbii fəlakət olanda hökumət hansı əsasla bunların evlərini ya təmir eləsin, ya da yenidən tiksin? Bütün vətəndaşlarımız qanunun tələblərinə əməl etməlidirlər, evlərini sığortalamalıdırlar.
Mən bir məsələni xüsusi qeyd etmək istəyirəm. Bakı şəhərinin bəzi yerlərində yarımçıq qalmış binalar var. Bu binalar hansısa biznesmenlər tərəfindən tikilibdir. İkinci mərtəbəyə çatandan sonra camaata havanı satıblar. Deyib ki, 16 mərtəbəli bina tikəcəyəm, amma üçüncü mərtəbədə işlər dayanıbdır. Faktiki olaraq hər bir insandan da pul alınıbdır. Guya bunun 16-cı mərtəbədə evi var, amma bu ev havadadır, yoxdur. Hər biri də çəkilib gedib. Onları axtaranda da məlum olur ki, bunlar adi bir insanın adına rəsmiləşdirilib. Bu gün Bakıda şəhərimizin gözəlliyini korlayan, həm də vətəndaşların hüququnu pozan xeyli sayda yarımçıq binalar qalıb ki, hesab edirəm, dövlət bununla bağlı bir qərar qəbul etməlidir. Dövlət onların hamısını almalıdır və vətəndaşın hüququnu təmin etməlidir. Kim onun qeyri-qanuni tikintisinə icazə veribsə və yaxud da bu adam vətəndaşları dələduzluq yolu ilə aldadıbsa (eləsi var ki, bir mənzili 10 adama satıbdır), onların haqqında ölçü götürülməlidir. Hüquq mühafizə orqanları bu haqda qərar qəbul etməlidir.
Burada həmkarlarımız əsgər ölümləri ilə əlaqədar danışdılar. Sovet ordusunda xidmət edən insanlar da bilirlər, dünyanın hər yerində bu hallar var. Mən bir misal çəkə bilərəm. Əfqanıstanda olan Böyük Britaniya ordusu dünyanın ən hazırlıqlı ordularından biridir. Qayıdandan sonra 10 min nəfəri həbs olunub, 5 min nəfəri intihar edib, 7 min nəfəri isə axtarışdadır. Dünyanın hər yerində bu hallar baş verir. Psixoloji məqam var. Uşaqdır, psixoloji hazırlıqdan keçməlidir və müəyyənləşdirməlidirlər ki, bu, ön cərgədə xidmət edə bilər, ya bilməz. Bütün bunlar hamısı araşdırıldıqdan sonra o, orduya göndərilməlidir. Psixoloji hazırlığı olmadan 2 ay təlim keçməklə onu düşmənlə üz-üzə göndərmək, təbii ki, müəyyən faktları ortaya çıxarır. Bunu hüquq mühafizə orqanları cəmiyyətə deməlidir. O valideynin tələbi odur ki, səbəbini desinlər. O səbəbi aydınlaşdırandan sonra valideyn başa düşür ki, məsələ nədən ibarətdir. Bakı şəhərində 1 ildə 1100 nəfər avtomobil qəzasından ölüb, 3 min nəfər şikəst olub. Amma ön cəbhədə bu, barmaqla sayılan hallardır, özü də bizim Ermənistanla nə qədər uzun sərhədimiz var. Bunları əllərində şou edib insanların fəlakəti üzərində xal qazanan insanlar və onların havadarları var. Bunlara qarşı ciddi şəkildə mübarizə aparılmalıdır ki, belə hallar aradan qaldırılsın.
Burada müəssisələr, şirkətlərin hesabatı haqqında qeyd olundu. Həmin şirkət Azərbaycanda vergi verir, Pensiya fonduna ödənişlər edir və digər sosial sığortalar ödəyir. Onun da hesabatı, təbii ki, daxil olmalıdır. Bu insanlar başqa ölkədə yox, Azərbaycanda bizneslə məşğul olurlar. Ona görə də Azərbaycan iqtisadiyyatına aid olan bütün məsələlər burada əksini tapmalıdır.
Mən hesab edirəm ki, 2013-cü ildə Azərbaycanın inkişafı davam edəcəkdir. Azərbaycanın hərtərəfli inkişafı bu gün həm regionda, həm də dünyada öndə olan bir məsələdir. Cənab Prezidentin apardığı bu siyasət daha da davamlı olacaqdır. Yenə qeyd edirəm, görüşlərdə olmuşuq, hamı dəstəkləyir, hamı yüksək qiymətləndirir.
Bilirsiniz ki, bu il seçki ilidir. Mən hesab edirəm ki, hökumət bu il fəaliyyətini daha da genişləndirməlidir. Qaldırılan xırda problemlər varsa, onlar aradan qalxmalıdır. Əsas məsələ ondan ibarətdir ki, biz bu problemləri görürük və Azərbaycan hökuməti bunların həll olunması istiqamətində addımlar atır. Hesab edirəm ki, bu il də çox uğurlu olacaqdır. Beynəlxalq təşkilatların Azərbaycan haqqında verdiyi proqnozlar da bunu təsdiq edir. Bu yaxınlarda Beynəlxalq Valyuta Fondunun, Dünya Bankının nümayəndələri Azərbaycanda ümumi daxili məhsulun təxminən 9 faizdən yuxarı olmasını və inflyasiyanın aşağı düşməsini insanların nəzərinə çatdırırlar. Bu uğurların nəticəsi olaraq da Azərbaycan xalqı öz Prezidenti İlham Əliyevi yekdilliklə yenidən Prezident seçəcək və uzun illər bu rəhbərlik davam edəcəkdir. Sağ olun.

(FASİLƏDƏN  SONRA)
 
Sədrlik edən. Xahiş edirəm, yerlərinizi tutasınız. Müzakirəni davam etdiririk. Qənirə Paşayeva, buyurun.
Q.Paşayeva. Hörmətli xanımlar və cənablar! Mən ilk öncə millət vəkillərini, hökumət üzvlərini, media nümayəndələrini və bütün insanlarımızı qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edirəm, can sağlığı və xoşbəxtlik arzulayıram. Təbii ki, hökumətin hesabatını dəstəkləyəcəyəm, çünki cənab Prezidentin rəhbərliyi altında ölkəmizin həm xarici, həm də daxili siyasətində çox ciddi uğurlar var və biz bunu hər yerdə görürük. Ölkəmiz inkişaf edir, beynəlxalq aləmdə həm nüfuzu, həm də gücü artır. Bunları görməmək mümkün deyil.
Hesabatla bağlı fikirlərə toxunmazdan öncə mən bir məsələni vurğulayacağam. Hörmətli Oqtay müəllim, dünən Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbərləri və millət vəkillərinin Xocalı soyqırımı zamanı hər iki valideynini itirmiş (onların əksəriyyəti nəinki valideynini, əksər ailə üzvlərini itirib) 25 gəncimizlə görüşü oldu. O gənclər, təbii ki, cənab Prezidentin rəhbərliyi ilə Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində aparılan işləri təqdir edir və təşəkkürlərini bildirirdilər. Onlar istəyirlər ki, millət vəkilləri bəzi məsələləri hökumət üzvlərinə çatdırsınlar. Biz onların qaldırdıqları məsələləri hökumət üzvlərinin nəzərinə çatdırırıq. Söhbət ondan gedir ki, 25 gəncin nə ataları var, nə də anaları. Amma onlar 18 yaşına çatanda şəhid ailəsi statusunu da itiriblər. Ümumiyyətlə, bu məsələni bir neçə dəfə parlamentdə səsləndirmişik. Necə ki şəhidin ata-anası, həyat yoldaşı ömürlərinin sonuna qədər “şəhid ailəsi” statusunu itirmirlər, yaxşı olar ki, şəhid övladları da ömürlərinin sonuna qədər “şəhid ailəsi” statusunu itirməsinlər. Bu, birincisi, onların mənəvi haqqıdır, ikincisi də, dövlətimiz tərəfindən göstərilən qayğını gələcəkdə də görə bilmələri üçün çox önəmlidir. Üstəlik, 25 gənc hər iki valideynini, bəziləri qardaş-bacılarını da itirib. Hətta aralarında elələri var ki, tək qalan körpə uşaq olub. Ona görə də onlar “şəhid ailəsi” statusunun onlara şamil edilməsi məsələsini qaldırırdılar.
İkincisi, bu 25 gəncin mənzillə bağlı ciddi problemləri var. Həm əmək və əhalinin sosial müdafiəsi nazirindən, həm də Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədrindən xahiş edirəm ki, bunlar həm şəhid ailələridir, həm də məcburi köçkünlərdir, onların məsələsinə xüsusi baxılsın. O görüşdə iştirak edən millət vəkillərinin hamısının adından xahiş edirik.
Hökumətin hesabatına gəldikdə isə bir neçə məsələyə aydınlıq gətirilməsini istərdim. 2011-ci ildə cənab Prezidentin nazirlər Kabinetinə bir göstərişi olmuşdu. Müəllimlərə və həkimlərə dövlət qulluqçusu statusunun verilməsi məsələsinin araşdırılması tapşırılmışdı. Mən səhv eləmirəmsə, 2012-ci ildə Təhsil Nazirliyinin Nazirlər Kabinetinə bununla bağlı təklifləri də var. Artıq 2013-cü ildir, həmin o göstəriş və təkliflərlə bağlı məsələ nə yerdədir? Bölgələrə getdiyimiz zaman bizdən tez-tez soruşurlar ki, bu məsələ həyata keçəcəkmi? Müəllimlərin və həkimlərin, təbii ki, maddi və sosial məsələləri də var. Bu status onların həllinə də ciddi təsir göstərə bilər. İstərdim ki, buna bir aydınlıq gətirilsin.
İkinci, mənim yadımdadır, biz büdcəni qəbul edən zaman burada fikirlər səsləndi ki, ipoteka məsələsinə baxıla bilər. Bu məsələyə baxılma ehtimalı nə qədərdir? Çünki xeyli insan, xüsusilə gənclər bu suala cavab gözləyir. Burada da vurğulandı, bu gün insanların ən böyük problemi mənzillə bağlıdır. İpotekanın şərtləri isə ağırdır. İlkin ödəniş şərtlərinin faizində dəyişiklik məsələsinin ola biləcəyi vurğulanırdı. Bununla bağlı dəyişiklik gözlənilirmi? Çox xahiş edərdik ki, bu dəyişiklik gözlənilsin, dövlətimizin buna imkanları da var. Cənab Prezidentin gənclərlə bağlı həyata keçirdiyi siyasət də bu məsələnin həllinə stimul verən amil olmalıdır. İstərdim, bu məsələyə də aydınlıq gətirilsin.
Biz iki qanun qəbul etmişik. Mən onların həyata keçirilmə mexanizmini bilmək istərdim. Birincisi, “Tütün və tütün məmulatı haqqında” Qanunun qəbulundan xeyli vaxt keçir. O qanunda birmənalı yazılıb ki, 18 yaşına çatmayan uşaqlara siqaretin satışı qadağandır. Amma hər yerdə 18 yaşına çatmayan uşaqlara siqaret satılır. Bunun qadağan olunması, ticarət yerlərində maarifləndirici məlumatların yazılması qanunda maddə-maddə var, amma bunun yerinə yetirilməsi istiqamətində ciddi addımları görmürük. Bu istiqamətdə hökumət üzvləri hansı addımlar atmağı düşünürlər.
İkinci, 1999-cu ildə orqan bağışlanması, orqan transplantasiyası ilə bağlı qanun qəbul olunub. Bu bizim ölkəmiz üçün ən vacib məsələlərdən biridir. Amma bu günə qədər orqan bağışlanması ilə bağlı mexanizmlər yoxdur. Bu proses necə tənzimlənəcək? Səhiyyə qurumlarında bu prosesi tənzimləyəcək heç bir ciddi norma yoxdur. Bu məsələlər tənzimlənməlidir, çünki orqan transplantasiyası günümüzün reallığına çevrilib. Amma mexanizmlər olmadan bu sahənin inkişafı mümkün deyil. Bizdə bu məsələ necə həyata keçiriləcək? Mən şəxsən istərdim ki, bu suala da aydınlıq gətiriləydi.
Cənab Prezidentin rəhbərliyi altında səhiyyə sahəsində çox böyük işlər görülür. Yeni xəstəxanalar açılır, avadanlıq alınır və sair. Amma hamımız bilirik ki, səhiyyədə ən vacib məsələ tibbi sığorta sisteminin inkişafıdır. Tibbi sığorta sisteminin inkişafı olmadan səhiyyədəki problemlərin öz həllini tapmasında hər zaman ciddi sıxıntılar olacaq. Tibbi sığorta sistemi səhiyyənin ana sütunudur. Hər il büdcədən tibbi sığorta sisteminin genişlənməsi üçün vəsait ayrılır, bunun üçün mexanizmlər də var. Amma nədənsə tibbi sığorta sistemi genişlənə bilmir. Bunun genişlənməsi çox önəmlidir.
Mən hökumət üzvlərinin burada iştirakından istifadə edib millət vəkili seçildiyim rayonla bağlı bir məsələni də vurğulamaq istəyirəm. Cənab Prezidentin bir açıqlaması vardı və bütün insanlar bunu çox böyük alqışla, sevinclə qarşılamışdılar. Bu, 2013-cü ildə qazlaşma prosesinin başa çatması ilə bağlıdır. Mən cəbhə bölgəsini təmsil edən millət vəkiliyəm. Tovuz rayonunun kəndlərinin böyük bir hissəsi Ermənistanla sərhəddə yerləşir. Bu istiqamətdə ciddi addımlar atılmalıdır. İnsanlar deyirlər ki, 2013-cü ildir, istəyirik ki, bizim qaz təminatı məsələmiz sürətlənsin. Tovuzun Ermənistanla sərhəddə yerləşən və qaçqınları qəbul etmiş kəndləri var ki, orada insanların vəziyyəti çətindir. Mən bu kəndlərə xüsusi diqqətin ayrılmasını xahiş edəcəyəm.
Əli müəllim bu məsələni vurğuladı, mən də onu qeyd edəcəyəm. Bu, internat məktəblərində SOS siqnalı çalan 18 yaşına çatan uşaqların gələcəyi məsələsidir. Onlara yataqxanalarınmı, binalarınmı tikilməsi məsələsi artıq gündəmdə olmalıdır, çünki bu uşaqlar yaş həddinə görə internat məktəblərində qala bilməzlər. Amma onları hara göndərsinlər. Bu, ciddi məsələdir. İnternat məktəbləri hər dəfə bunu qaldırırlar. Mən fürsətdən istifadə edərək hökumət üzvlərinin diqqətinə çatdırmaq istədim ki, bu məsələ ilə bağlı işlər sürətləndirilsə, yaxşı olar. Mən Nazirlər Kabinetinin hesabatını dəstəkləyirəm, ona müsbət səs verəcəyəm. İnanıram ki, sadalanan təkliflər də, inşallah, yaxın zamanlarda öz həllini tapacaq. Sağ olun.
Sədrlik edən. Sağ olun. Astan Şahverdiyev. Xahiş edirəm, ancaq sualınızı verin.
A.Şahverdiyev. Oqtay müəllim, sual yox, təklifim var. Xahiş edirəm, çıxışlar 5 dəqiqə olsun. Bir də, mən yazılmışam, adım monitorda çıxmayıb. Yəqin ki, siyahıda qalıram. Çox sağ olun.
Sədrlik edən. Monitor 20 nəfəri göstərir, orada qalan siyahı var. 5 dəqiqəyə etiraz yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, Bəxtiyar Əliyev.
B.Əliyev. Cənab Sədr, hörmətli Baş nazir, hörmətli deputatlar, hörmətli hökumət üzvləri! Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci ildəki fəaliyyəti haqqındakı hesabat çox ətraflı təhlillər əsasında ciddi şəkildə hazırlanmışdır. Hesab edirəm ki, bu hesabatda, cənab Baş nazirin qısa, yığcam, məzmunlu çıxışında hökumətin bir il ərzində gördüyü işlər çox geniş, ətraflı təhlil edilmişdir və biz onu yüksək qiymətləndiririk.
Mən bütün istiqamətlər üzrə dövlət başçısı tərəfindən hazırlanmış siyasətin həyata keçirilməsini uğurlu adlandırardım. İstər daxili, istərsə də xarici siyasət sahəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi prioritet istiqamətlərdə çox böyük uğurlar əldə edilmişdir. Əhalinin layiq olduğu həyat səviyyəsinin təmin edilməsi ilə bağlı çox ciddi işlər görülüb və artıq yoxsulluğun səviyyəsi 6 faiz həddinə çatdırılıb. Düşünürəm ki, bu il və gələcək illərdə bu səviyyə daha da aşağı salınacaq.
Eyni zamanda, “2009–2013-cü illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi çox böyük nəticələr verir və biz bu gün regionlarda bu inkişafı görürük. Amma bir məsələni xüsusi qeyd etmək istərdim. Biz sərhədyanı və işğal altında olan rayonların bizdə olan hissələrində regionların inkişafı ilə bağlı proqramda nəzərdə tutulmuş məsələlərin qabağa salınmasını istəmişdik. Amma çox təəssüflər olsun ki, bu məsələlər yenə də ləngidilir.
Xarici siyasət sahəsində də böyük işlər görülüb və nailiyyətlər əldə olunub. Bu günlərdə bəzi beynəlxalq təşkilatların və xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndəliklərinin bəyanatlarını o qədər də ürəkaçan hesab etmirəm, çünki bu bəyanatlar heç də Azərbaycanda gedən demokratik proseslərə və hüquqi dövlət quruculuğuna verilən qiymət deyil. Bu hər hansı başqa bir standart əsasında ikili münasibətdir. Mən hesab edirəm ki, bu məsələlərə də müəyyən qiymət verilməli, müəyyən münasibət bildirilməlidir. Azərbaycanda insan hüquqlarının qorunması ilə bağlı böyük işlər görülüb və bu gün də davam etdirilir.
Məcburi köçkünlərlə bağlı dövlətin həyata keçirdiyi siyasəti, tikilən mənzilləri, ayrılan torpaq sahələrini və bu sahədə əldə edilmiş uğurları yüksək qiymətləndirirəm və hesab edirəm ki, dövlətin bu istiqamətdə həyata keçirdiyi tədbirlər çox təqdirəlayiqdir.
Bununla yanaşı, mən bir neçə məsələni qeyd etmək istəyirəm, onları deputat həmkarlarım da qaldırdılar. Müəllimlərin və həkimlərin dövlət qulluğuna bərabər statusunun 2010-cu ildə başa çatdırılması nəzərdə tutulmuşdu. Eyni zamanda, çox təəssüflər olsun ki, tibbi sığorta 2010-cu ildən 2012-ci ilə keçirildi. Yenə də bu məsələlərin dövlət tədbirləri planında əks etdirilməsinə və korrupsiyaya qarşı ən təsirli vasitələrdən biri olmasına baxmayaraq, həllini tapmayıb. Biz düşünürük ki, 2013-cü ildə həm tibbi sığorta, həm də həkim və müəllimlərin statusu məsələsi öz həllini tapacaq.
Digər bir məsələ ilə bağlı da fikirlərimi bildirmək istərdim. Sahibkarlığa göstərilən diqqət və qayğı, əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işlər, şübhəsiz ki, yüksək qiymətləndirilməlidir. Amma çox yaxşı olardı ki, nəzərdə tutulmuş planlarda qeyd edildiyi kimi, regionlarda sahibkarlığın stimullaşdırılması istiqamətində atılan addımlar daha da gücləndirilsin. Bütövlükdə hesab edirəm ki, hökumət çox böyük işlər görüb və bu, qiymətləndirilməlidir. Biz hesabatı qənaətbəxş hesab etməliyik. Sağ olun.
Sədrlik edən. Sağ olun, Bəxtiyar müəllim. Eldar İbrahimov, buyurun.
E.İbrahimov. Hörmətli cənab Sədr, hörmətli cənab Baş nazir, hörmətli deputatlar və hökumət üzvləri! Azərbaycan Respublikası Nazirlər Kabinetinin keçənilki fəaliyyəti haqqında hörmətli Baş nazirimiz Artur müəllim və məndən əvvəl çıxış edən deputat həmkarlarım ətraflı məlumat verdilər. Respublikamızın sosial-iqtisadi inkişafı sahəsində əldə etdiyi nəticələr rəqəmlərlə ifadə olundu. Qazanılan bu nailiyyətlər əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan hörmətli Prezidentimiz cənab İlham Əliyevin uğurla həyata keçirdiyi və daim təkmilləşdirdiyi iqtisadi siyasət strategiyasının sayəsində mümkün olmuşdur.
2008-ci ildə baş verən maliyyə böhranının hələ də davam etdiyi aparıcı dünya ölkələrində dövlət borcunun çoxalması, iqtisadi artım tempinin azalması, investisiyaların məhdudlaşdırılması və işsizliyin artması şəraitində Azərbaycan iqtisadiyyatı 2012-ci ildə öz inkişafını təmin etmiş, dünya iqtisadiyyatında mövqeyini qoruyub saxlamışdır. Bu, beynəlxalq reytinq agentliklərinin və maliyyə qurumlarının araşdırmalarında və hesabatlarında da öz əksini tapmışdır.
Qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən davamlı və məqsədyönlü tədbirlər nəticəsində keçən il iqtisadiyyatda əldə edilmiş əlavə dəyərin ümumi daxili məhsulda 52,7 faizi və ya ilk dəfə olaraq yarıdan çoxu bu bölmədə yaranmışdır. 2012-ci ildə kənd təsərrüfatı məhsulları istehsalının artımı, əhalinin keyfiyyətli ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması, təsərrüfatların maddi-texniki bazasının möhkəmləndirilməsi təmin edilmiş, kənd təsərrüfatı məhsulları istehsalçılarına büdcə vəsaiti hesabına yardımlar göstərilməsi davam etmişdir. Bunun nəticəsidir ki, hesabat ilində bir çox kənd təsərrüfatı məhsulları ilə təminatın səviyyəsi yüksəlmiş, bəzi məhsulların ixracı isə artmışdır. Bir çox rayonlarda süd emalı və süd məhsulları istehsalı zavodları, meyvə və üzüm emalı müəssisələri, soyuducu anbarlar və digər emal müəssisələri tikilib istifadəyə verilmiş və bəzi rayonlarda bu işlər davam etdirilir. Onu da bildirirəm ki, ərzaq təhlükəsizliyi ilə əlaqədar burada deyilən tənqidi fikirləri qəbul etmirəm. Bu sahədə xeyli işlərin görülməsi hamıya bəllidir. Biz bir işə qiymət verəndə obyektiv olmalı, qərəzli fikirlər bildirməməliyik.
Hesab edirəm ki, hörmətli Baş nazirimizin ətraflı çıxışında göstərildiyi kimi, Nazirlər Kabineti 2012-ci ildə öz üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlməklə 2013-cü ildə də ölkəmizin sosial-iqtisadi inkişafının dinamik və davamlı olması üçün zəmin yaratmışdır. Bununla yanaşı, hökumətin diqqətini həlli vacib olan bəzi məsələlərə yönəltmək istəyirəm.
Dövlətimizin başçısı cənab İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayıb ki, ölkəmizdə istehsal olunan kənd təsərrüfatı məhsulları keyfiyyətinə və dadına görə respublikamıza gələn qonaqları heyran edir və biz ekoloji təmiz məhsullarla xarici bazarlara çıxmalıyıq. Bildirirəm ki, hörmətli Prezidentimizin bu tapşırığının yerinə yetirilməsi üçün hökumət ekoloji təmiz məhsullar istehsal edən subyektlərin sayının və məhsulun həcminin artırılması, onun sertifikatlaşdırılması, marketinqi və digər məsələləri ciddi nəzarətə götürməli, həmin məhsul istehsalçılarının stimullaşdırılmasını həyata keçirməlidir. Onu da qeyd etmək istərdim ki, Avropa və digər inkişaf etmiş ölkələrdə bu məhsullara tələbat ildən-ilə artır. Finlandiya özünü ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsal edən ölkə elan edib. Ölkəmizin də bu statusdan istifadə etməsi üçün bütün imkanları var. Hesab edirəm ki, hökumət bu barədə düşünməlidir.
Bir sıra vacib məsələlərə də toxunmaq istəyirəm. Fermerlər bizə müraciət edərək “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin göstərdiyi aqrotexniki xidmətlərin tariflərinin yüksək olmasından şikayətlənirlər. Hesab edirəm ki, məsələyə hökumətdə yenidən baxılmalı və tariflərin aşağı salınması üçün tədbirlər görülməlidir. Yaxşı olar, göstərilən aqrotexniki xidmət “Aqrolizinq” ASC-nin yüksək gəlir əldə etməsinə yox, fermerlərin daha ucuz məhsul istehsal etməsinə yönəlsin ki, dövlətin sahibkarlığa kömək məqsədi daha dolğun təmin edilsin.
Bildiyiniz kimi, aqrar sahənin inkişaf etdiyi ölkələrdə tədarük olunan kənd təsərrüfatı məhsullarının 50 faizindən çoxu kooperativlərin payına düşür. Danimarka, Hollandiya, Finlandiya, Rusiya və digər ölkələrdə bu məsələyə hökumət tərəfindən xüsusi diqqət yetirildiyinə görə istehsal və istehlak kooperativlərinin sayı dəfələrlə artmış və fəaliyyəti genişlənmişdir. Beynəlxalq ekspertlər kənd təsərrüfatının gələcək inkişafını kooperasiyanın bir iqtisadi sistem kimi formalaşmasında görürlər və qeyd edirlər ki, kooperasiya iri və xırda təsərrüfatların mənafelərini müdafiə və üstünlüklərindən istifadə edən ən əlverişli sistemdir.
Dünya təcrübəsinə əsaslanaraq respublikamızda kənd təsərrüfatı kooperasiyasının bir sistem kimi formalaşmasının vacibliyini nəzərə alıb Kənd Təsərrüfatı Nazirliyinin təklifi və iştirakı ilə hazırladığımız Kənd təsərrüfatı kooperasiyası haqqında qanun layihəsi hazırda ikinci oxunuş üçün təkmilləşdirilir. Xahişimiz ondan ibarətdir ki, hökumət kənd təsərrüfatı məhsulları istehsalı və istehlakı kooperativlərinin yaradılması və səmərəli fəaliyyət göstərməsini dəstəkləsin və bu prosesi öz nəzarətinə götürsün. Mən hökumətin fəaliyyətini müsbət qiymətləndirirəm.
Sədrlik edən. Sağ olun. Etibar Hüseynov.
E.Hüseynov. Təşəkkür edirəm, hörmətli Sədr. Mən ilk növbədə hörmətli Baş nazirimizin təvazökar xarakterinə bir qədər zidd olsa da, ona dərin təşəkkürümü bildirmək istəyirəm. Çünki Artur müəllim daim millət vəkillərini qəbul edir, onların problemlərini dinləyir və əlindən gələn köməkliyi heç vaxt əsirgəmir. Çox təəssüf ki, bir çox nazirlərin, komitə sədrlərinin nəinki qəbuluna düşmək, onlarla telefonla danışmaq belə çox çətindir. Bu baxımdan mən istərdim ki, bizim bəzi komitə sədrlərimiz, hökumət nümayəndələrimiz Artur müəllimdən nümunə götürsünlər.
Mən Bakı şəhərini təmsil edən bir millət vəkili kimi Bakı şəhərinin problemlərindən söhbət açmaq istəyirəm. Biz ayrı-ayrı vaxtlarda Milli Məclisdə Bakının statusu barədə danışmışıq. Əgər bir il bundan əvvəl biz Bakının statusundan onun gerbi, himni, bayrağı və ilk baxışda xırda görünən digər məsələlərdən danışırdıqsa, bu gün çox təəssüf ki, artıq Bakının statusu deyil, Bakının xilası barədə danışmaq məcburiyyətindəyik. Burada bir sıra həmkarlarım bu məsələnin ayrı-ayrı məqamlarına toxundular. Bilirik ki, artıq bu gün Bakı dövlət içində bir dövlətə çevrilibdir. Bir az obrazlı şəkildə desək, bu gün artıq Bakı boğulur, çökür. Mən elə bilirəm ki, bizim hökumət təxirəsalınmaz fəaliyyət göstərib planlar cızmasa, yaxın gələcəkdə bir fəlakətlə üz-üzə durmaq, bununla yaşamaq məcburiyyətində qalacağıq. Bir millət vəkili olaraq mən təkliflərimi səsləndirmək istəyirəm. Mənə elə gəlir, artıq vaxtı çatıbdır, Bakıdan orta məsafədə haradasa bir inzibati mərkəz tikilməli və bir çox nazirliklər, hərbi hissələr, ali məktəblər, fabrik və zavodlar Bakıdan kənarlaşdırılmalıdır. Bu bir qədər çox vaxt tələb edən uzun prosesdir. Ona görə də bununla paralel, mən elə bilirəm ki, bu işlərə artıq start vermək olar.
İlk növbədə ali məktəblərlə bağlı fikrimi bildirmək istəyirəm. Bilirik, hamımız təhsil alıb görmüşük ki, Bakıdakı ali məktəblərdə bir qrupda tələbələrin 10–20 faizi paytaxt sakini olursa, onların 70–80 faizi əyalətdən gələnlər olurlar. Nə üçün biz bu 10–20 faizi əyalətlərə göndərmirik, 80 faizi Bakıya cəlb edirik? Bizim əyalətlərimiz, rayonlarımız artıq Bakı səviyyəsindədir, paytaxtdan fərqlənmir. Bu gün əyalət insanının keçmiş vaxtlardan fərqli olaraq Bakıya heç bir marağı yoxdur, paytaxt insanlarının əyalətə maraqları, həvəsləri daha çoxdur. Ona görə də bu baxımdan mən hesab edirəm ki, ilk növbədə pedaqoji yönümlü ali məktəbləri, texnikumları və kollecləri şəhərdən kənara köçürmək olar.
Hərbi hissələrlə bağlı bilirik ki, sovetlər dönəmində Salyan kazarması, Hərbi donanma, bir çox hərbi hissələr şəhərin mərkəzində inşa olunubdur. Keçmişdə Bakının ətrafında olan bəzi hərbi məktəblər, hərbi hissələr artıq paytaxtın mərkəzində yerləşir. Bu baxımdan da belə hərbi hissələrin bir çoxunu Bakıdan kənara köçürmək olar. Bir sıra nazirlikləri də mən qeyd etmək istəyirəm. “Azərikimya” elə vaxtında Sumqayıtda qərar tutubdur və çox uğurla fəaliyyət göstərir. Ancaq bir çox nazirliklərimiz əyalətlərdə deyil, digər şəhərlərimizdə fəaliyyət göstərsə, daha uğurlu olar. Kənd Təsərrüfatı Nazirliyini və digər nazirlikləri misal gətirmək istəyirəm. Yaxşı olmazmı, Kənd Təsərrüfatı Nazirliyi Bakıda oturmaq əvəzinə aqrar sənayesinin daha çox inkişaf etdiyi Qərb bölgəsində, tutaq ki, Gəncədə fəaliyyət göstərəydi? Bildiyimiz kimi, Kənd Təsərrüfatı Akademiyası da Gəncədə yerləşir. Bu, məqsədəuyğun olardı. Müdafiə Nazirliyimiz Qarabağla və ya Ermənistanla sərhəd rayonlardan birində yerləşsəydi, daha məqsədəuyğun olardı. Vaxtım çatmadı. Mən hökumət üzvlərinə çox təşəkkür edirəm. Elə bilirəm ki, mənim bu təkliflərim nəzərə alınacaqdır. Təşəkkür edirəm.

Azərbaycan  Respublikası  Milli  Məclisi  Sədrinin
birinci  müavini  Z.Əsgərov  sədrlik  edir

 
Sədrlik edən. Sağ olun. Arif Rəhimzadə.
A.Rəhimzadə. Hörmətli Milli Məclis, hörmətli hökumət üzvləri və müzakirə iştirakçıları! Nazirlər Kabinetinin fəaliyyəti haqqında hesabat, əslində, 2012-ci ildə keçdiyimiz yolu şərh edən və yüksək peşəkarlıqla hazırlanan bir sənəddir. Məmnuniyyətlə qeyd etməliyik ki, dünyanı bürümüş iqtisadi böhrana və gərgin beynəlxalq vəziyyətə baxmayaraq, Azərbaycanın bu yolu uğurlu olmuşdur. Bu münasibətlə mən Nazirlər Kabinetinin bütün üzvlərini və Azərbaycanın uğurlarında töhfəsi olan dövlət strukturlarının əməkdaşlarını ürəkdən təbrik edirəm.
Mən əldə edilmiş rəqəmləri gətirmək istəmirəm. Bu barədə hörmətli Artur müəllim çox gözəl, ətraflı danışdı. Mən yalnız seçildiyim rayonun – Neftçalanın timsalında görülən işlər haqqında bir-iki kəlmə demək istərdim. Rayonda son illərdə, ələlxüsus da 2012-ci ildə böyük işlər aparılıbdır. Misli görünməmiş sahilbərkitmə işləri aparılır. Buraya qurğular, gəmi gətirilibdir. Kür çayının məcrası dərinləşdirilir. Güman edirəm ki, bu işlər bitdikdən sonra əhalinin sel sularından müdafiəsi məsələsi öz həllini tapacaqdır. Şəhərin su təchizatı və kanalizasiya sisteminin qurulmasında böyük işlər görülübdür. Bu layihə uzun illər müzakirə edilir. Bu ilin ikinci yarısından həmin işlərə başlanacaqdır. Əhalinin kommunal məsələlərində və həyat səviyyəsində, demək olar ki, yeni standartlar tətbiq olunacaqdır. Abadlaşdırma, yenidənqurma işləri aparılır, kənd yollarının yenidən salınması proqramı çərçivəsində Neftçalada da bu işlər yerinə yetirilir. Şorsulu–Xəzərkənd yolunun tikintisi ilə əlaqədar 9 kənd yaxşı yolla təmin olunacaqdır. Bu işlərin hamısında mən, əlbəttə, Nazirlər Kabinetinin böyük əməyini görürəm. Cənab Prezidentin göstərişləri əsasında görülən bu işlər təqdirəlayiqdir.
Eyni zamanda, mən bir neçə məsələ də qaldırmaq istərdim. Birincisi Neftçala magistral kanalının tikintisi ilə əlaqədardır. Mən bu haqda bir neçə dəfə danışmışam. Bu kanalın tikintisi rayonda 20 min hektar torpağın suvarılmasına imkan verəcəkdir. Cənab Prezidentin tapşırığı əsasında böyük taxılçılıq təsərrüfatları yaratdılar. Həmin böyük təsərrüfatların yaradılması üçün ən yaxşı obyektlərdən biri budur. Bu sahədə 10 ilə yaxındır ki, iş görülür, ancaq çox az vəsait buraxılır. Mən xahiş edərdim ki, Neftçala magistral kanalının tikintisinin bu il sona çatdırılması üçün imkan yaradılsın.
Rayon xəstəxanasının təmiri ilə əlaqədar vəziyyət çox gərgindir. Bu 435 çarpayılıq xəstəxana keçən əsrin 90-cı illərində tikilibdir. Uzun illər ərzində burada heç bir təmir işləri aparılmayıbdır və hazırda bunun isitmə sistemi bərbad haldadır. Kanalizasiya, su, dam örtüyü pis vəziyyətdədir. Səhiyyə Nazirliyinin araşdırmasına görə, rayonda, əslində, belə böyük xəstəxanaya ehtiyac da yoxdur. Orada 145 yerlik xəstəxana tikilsə, əhalini təmin etmək imkanı var. Mən xahiş edərdim ki, bu məsələ götür-qoy edilsin. Bütün xəstəxananın təmirinə ehtiyac yoxdur, yalnız bir hissəsində təmir işləri aparılsın. Qalan hissədən dövlət əmlakı kimi istifadə oluna bilər.
Nəhayət, qazlaşdırma ilə əlaqədar həmkarlarım da məsələ qaldırdılar. Neftçala rayonu ən ilkin qazlaşdırılan rayonlardan biridir, çünki Neftçalada həm qaz, həm də neft hasil edilir. Cənab Prezidentin tapşırığına görə bu ilin axırına kimi əhalinin 95 faizi qazla təmin edilməlidir. Əfsuslar olsun ki, burada son ildə bu iş bir qədər ləng gedir.
Sədrlik edən. Sağ olun, Arif müəllim. Eldar Quliyev.
E.Quliyev. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli Baş nazir, hörmətli deputatlar, hökumət üzvləri! Bu gün müzakirə etdiyimiz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci ildə fəaliyyəti haqqında hesabat barədə hörmətli Baş nazir Artur müəllim və məndən əvvəl çıxış edən həmkarlarım ətraflı məlumat verdilər. Hesabatdan və məlumatlardan bəlli oldu ki, keçən il ölkəmiz sosial-iqtisadi inkişafda yüksək göstəricilər əldə etmişdir. Bu nailiyyətlərin əldə edilməsi əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan və möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən çox uğurla davam etdirilən, düşünülmüş və gələcəyə hesablanmış iqtisadi, siyasi və sosial islahatlar çərçivəsində Azərbaycan hökumətinin həyata keçirdiyi genişmiqyaslı tədbirlər nəticəsində mümkün olmuşdur. Artıq dünyanın tanınmış beynəlxalq təşkilatları Azərbaycan Respublikasının qazandığı davamlı nailiyyətlərin elmi əsas üzərində qurulması strategiyası sayəsində mümkünlüyünü qeyd edir və bunu yeni bir model kimi qəbul edirlər.
Hesabatda maraq doğuran məsələlərdən biri də 2012-ci ildə ümumi iqtisadi artımın əldə edilməsinə təsir göstərən yeni istehsal və emal sahələrinin yaradılmasıdır. Qeyri-neft sektorunun prioritet sahəsi olan aqrar bölmədə bu istiqamətdə əsaslı işlər görülmüşdür. Belə ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanına uyğun olaraq Ağcabədi və Beyləqan rayonlarında iri taxılçılıq təsərrüfatı yaradılmış, Ağcabədi və Qəbələ rayonlarında 4268 başlıq südçülük kompleksi fəaliyyətə başlamışdır. Ötən il Sahibkarlığa Kömək Fondu tərəfindən heyvandarlıq komplekslərinin və quşçuluq təsərrüfatlarının tikintisi üçün 53,7 milyon manat güzəştli kredit ayrılmışdır. Hesab edirəm ki, Nazirlər Kabineti 2012-ci ildə qarşısında duran vəzifələrin öhdəsindən layiqincə gəlmiş və ölkəmizin dünya iqtisadiyyatında öz mövqelərini qoruyub saxlaması üçün bütün lazımi tədbirləri vaxtında həyata keçirmişdir.
Bununla yanaşı, hökumət üzvlərinin burada olması ilə əlaqədar bəzi məsələləri onların nəzərinə çatdırmaq istəyirdim. Mənim deputat seçildiyim qəsəbələrdə uzun illərdən bəri mədəniyyət evlərinin təmirə böyük ehtiyacı var. Keçən il hökumət tərəfindən lazımi vəsait ayrılıb. Lakin çox təəssüflər olsun ki, bir ildən artıq vəsait ayrılmasına baxmayaraq, hələlik orada işə başlanmamışdır. Maştağa qəsəbəsində əhalinin işlə təmin edilməsini yaxşılaşdırmaq üçün yeni sənaye obyektlərinin tikilməsi məqsədəuyğun olardı. Onu da qeyd etmək istərdim ki, əvvəllər burada sənaye müəssisələri fəaliyyət göstərmişdir və orada ixtisaslı kadrlar vardır.
Bir məsələnin də həllini vacib hesab edirəm. Bildiyiniz kimi, hazırda xırda həcmli kreditlərin götürülməsi üçün də girov tələb olunur. Bu da sahibkarlığın inkişafına müəyyən əngəllər törədir. Ona görə də yaxşı olardı ki, hökumət bu məsələlərə baxsın və girovsuz kredit verilməsi mexanizmini işləyib hazırlasın. Kiçik həcmdə vəsaitə ehtiyacı olanlar maneəsiz kreditlər götürərək sahibkarlıqla məşğul ola bilsinlər. Bu, ölkəmizdə sahibkarlığın fəaliyyəti üçün daha əlverişli şərait yaradar və qeyri-neft sektorunun inkişafına güclü təsir göstərər. Mən Nazirlər Kabinetinin 2012-ci ildə fəaliyyətini dəstəkləyirəm və hesabatın qəbul edilməsinə səs verəcəyəm. Deputat həmkarlarımı da buna çağırıram. Sağ olun.

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri
O.Əsədov  sədrlik  edir

Sədrlik edən. Sağ olun. Rüfət Quliyev.
R.Quliyev. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli cənab Baş nazir, hörmətli deputat həmkarlarım və hökumət üzvləri, dəvətli xanımlar və cənablar! İlk növbədə sizi qarşıdan gələn Novruz bayramı münasibətilə ürəkdən təbrik edir və hər birinizə can sağlığı, uzun ömür, xoşbəxtlik, gözəl günlər və firavanlıq arzulayıram.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci ildə fəaliyyəti haqqında fundamental və obyektiv reallıqları əks etdirən dərin məzmunlu hesabatı bir daha göstərir ki, ötən ildə Azərbaycan iqtisadiyyatı baş verən çoxsaylı zəlzələlər, torpaq sürüşmələri, digər təbii fəlakətlər, dünyada hələ də tamamilə səngiməmiş maliyyə və iqtisadi böhran şəraitində ənənəvi olaraq yenə də dinamik sürətlə inkişaf etmişdir.
Qazanılmış uğurlar möhtərəm ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş uzaqgörən siyasət kursunun və möhtərəm Prezidentimiz İlham Əliyevin hər sahədə məqsədyönlü titanik fəaliyyətinin nəticəsidir. Bütün makroiqtisadi göstəricilərə baxanda Azərbaycanın inkişafı görünür. Böyük makroiqtisadi göstərici ümumi daxili məhsuldur. Keçən il Azərbaycanda ümumi daxili məhsul 54 milyard manat olmuş və 2011-ci ilə nisbətən 2,2 faiz artmışdır. Ölkə iqtisadiyyatının qeyri-neft sektoru 9,7 faiz artmış, qeyri-neft sənayesinin artım tempi 11,7 faiz olmuşdur. Kənd təsərrüfatında isə artım 6 faizə çatdırılmışdır. Bütün bu göstəricilər 2011-ci ilin müvafiq göstəricilərini üstələyir. 2012-ci ildə ilk dəfə olaraq ümumi daxili məhsulda qeyri-neft sektorunun payı 50 faizi aşaraq əvvəlki ildəki 48,8 faizdən 52,7 faizə çatdırılmışdır. Qeyd etmək lazımdır ki, bu göstərici bir daha sübut edir ki, Azərbaycan iqtisadiyyatı heç də deyilənlər kimi neft sektorundan tamamilə asılı deyil. Düzdür, neft-qaz sektoru iqtisadiyyatımızda lokomotiv amildir və hələ bir çox illər belə də olacaq. Ancaq möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sənayeyə, digər sahələrə və regionların sosial-iqtisadi inkişafına verdiyi böyük diqqət göstərir ki, Azərbaycan iqtisadiyyatı ildən-ilə daha da şaxələnir, yeni istehsal sahələri və gücləri coşqun tərzdə meydana gəlir.
Azərbaycanın son illərdə informasiya-kommunikasiya texnologiyaları sahəsində qazandığı böyük uğurlar bunun bariz göstəricisidir. Məhz bu sahə gələcəyin ən vacib sahəsi kimi ölkələrin perspektivlərini də müəyyənləşdirir. Respublikamız bu prosesin ilk sıralarındadır.
Qeyd edim ki, 2012-ci il Azərbaycanda başqa sahələrdə olduğu kimi, sosial sahədə də böyük uğurlar qazanılmışdır. Ölkə rəhbəri tərəfindən həyata keçirilmiş, düşünülmüş və qabaqcıl tədbirlər nəticəsində əhalinin sosial vəziyyətini xarakterizə edən əhəmiyyətli pozitiv göstəricilərə nail olunmuşdur. İl ərzində inflyasiya cəmi 1,1 faiz olmuşdur ki, bu da əhalinin pul gəlirlərinin 13,8 faiz olması fonunda çox böyük uğurdur. Ölkədə yoxsulluq səviyyəsi 2011-ci ildəki 7,6 faizdən 2012-ci ildə 6 faizə düşmüşdür.
Avropa İttifaqında işsizliyin səviyyəsi 11 faiz olduğu halda bizdə 5,2 faizdir. Orta aylıq əmək haqqı 500 dollar, orta aylıq pensiya məbləği isə 200 dollara yaxındır. Yola saldığımız ildə təkcə sovet dövründən əhalinin əmanət kassalarında qalmış əmanətlərin ödənməsinə görə 555 milyon manat vəsait verilmişdir. Həmin proses bu il də davam etdirilir.
İl ərzində ölkə iqtisadiyyatına 22 milyard dollar investisiya yatırılmışdır ki, bunun da 13 milyard dollardan çoxu daxili investisiyaların payına düşür. Ümumi valyuta ehtiyatımız 46 milyard dollar səviyyəsindədir. Bu məqamda qeyd etmək istəyirəm ki, Azərbaycan manatı son 15 ildə ən sabit valyutalar...
Sədrlik edən. Çox sağ olun, vaxtınızı düzgün bölə bilmədiniz, Rüfət müəllim. Əli Məsimli, buyurun.
Ə.Məsimli. Hörmətli Sədr, hörmətli Baş nazir, hörmətli millət vəkilləri, hökumət nümayəndələri, media mənsubları! Qarşıdan gələn Novruz bayramı münasibətilə hamını təbrik edir, ən xoş arzularımı bildirirəm.
Hökumətin hesabatı Baş nazirin yığcam çıxışında kifayət qədər açıldı və əsaslandırıldı. Mən bir cümlə ilə qeyd etmək istərdim ki, 2013-cü ilin ən mühüm nəticəsi dünya iqtisadiyyatında gedən kataklizmlər şəraitində Azərbaycan iqtisadiyyatının özündə də olan problemlər şəraitində hökumətin qabaqlayıcı tədbirləri həyata keçirməsi nəticəsində, 2 faizdən yüksək pozitiv effektə nail olması, makroiqtisadi sabitliyi qoruyub saxlaya, inflyasiyanı 1 faiz ətrafında saxlaya bilməsidir. Eyni zamanda, bu hesabatın gələcək illərdə təkmilləşdirilməsi və hökumətin fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində bəzi məqamları da bildirmək istərdim.
Birincisi, 2012-ci ilin hesabatında az deyilən, amma diqqət çəkən, il ərzində görülən işlərdə xüsusi yer tutan Azərbaycanda korrupsiyaya, inhisarçılığa qarşı mübarizə dairəsinin genişləndirilməsidir. Bəlkə də inflyasiyanın 1 faizə enməsində də xüsusi rolu olan amillər – korrupsiyaya qarşı mübarizənin dərinləşdirilməsi, inhisarçılığa qarşı mübarizənin genişləndirilməsi olmuşdur. Kölgə iqtisadiyyatının leqallaşdırılması və onun vergiyə cəlb edilməsi hamı üçün məlum olan problemlərin xeyli dərəcədə səngiməsində, sosial proseslərin tənzimlənməsinin asanlaşmasında, əhalinin güzəranının yaxşılaşdırılmasında, iqtisadi fəallığın artırılmasında, sahibkarlığın inkişafına böyük təkan verilməsində mühüm rol oynaya bilərdi.
İkinci məsələ hesabatda regionların inkişafına xüsusi yerin verilməsidir ki, doğrudan da, regionlarda böyük iş gedir. Bu hesabatın sonunda deputatların irəli sürdükləri təkliflərə cavablar var. Ötən il Şəki ilə bağlı bir məsələni xüsusi qeyd etmişdim. Bu dəfə də təkrar qeyd etmək istəyirəm ki, Şəkinin 63 kəndinin yalnız 17-si qazlaşdırılıb. Azərbaycanın 80 faizinin qazlaşdırılması fonunda bu, həddindən artıq kiçik bir rəqəmdir. Burada irəli sürülən fikirlərə mən hörmət edirəm. Amma irəli sürülən fikirlər Şəkinin bu probleminin həllində az rol oynayır. Eyni zamanda, göstərilib ki, 2013-cü ildə Şəkinin 50 kəndi qazlaşdırılacaq. 2013-cü ilin 9 ayı qalıb, 9 ayda Şəkinin 50 kəndinin qazlaşdırılması öhdəliyini öz üzərinə götürən hökumətə mən qibtə edirəm. Amma 10–15 kəndin qazlaşdırılması realdır, əgər olsa, mən gələn çıxışımda çox böyük təşəkkür edəcəyəm.
Üçüncü qaldırmaq istədiyim məsələ Azərbaycanda gənclərin problemlərinə diqqətin artırılmasıdır. İndiki həssas dövrdə, mənə elə gəlir ki, məni başa düşərlər. Bu istiqamətdə çox gözəl proqram qəbul olunub. Orada nəzərdə tutulan məsələlər qrafikə uyğun surətdə yerinə yetirilməlidir. Əgər qrafikə uyğun surətdə yerinə yetirilsə, mən deyərdim ki, neqativ halların aradan qaldırılması, problemlərin səngidilməsi, onların həllinin sürətləndirilməsi istiqamətində çox ciddi addımlar atılmış olar. İpoteka mexanizmi, məsələn, ayda 100–120 manat haqq ödəmək, belə evlərin tikilməsi vasitəsilə hesab edirəm ki, bu problemləri xeyli dərəcədə səngitmək olar.
Nəhayət, aztəminatlıların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində işlər görülməlidir. Müavinətlər 44 manatdır, 116 manatlıq yaşayış minimumu fonunda bu çox kiçikdir. Mən hökumətə müraciət edirəm ki, yaxın aylarda müavinətin yüksəldilməsi istiqamətində konkret addımlar atsınlar. Bir daha bayram münasibətilə həm hökuməti, həm də parlament rəhbərliyini təbrik edib bütün fəaliyyətlərində uğurlar arzulayıram. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Asəf Hacıyev.
A.Hacıyev. Çox sağ olun, cənab Sədr. Hörmətli Baş nazir, hörmətli hökumət üzvləri, millət vəkilləri, media nümayəndələri! İlk öncə mən təqdim olunan hesabatı hazırlayanlara öz minnətdarlığımı bildirirəm, çünki çox yüksək səviyyədə hazırlanıbdır. Mən hətta deyərdim ki, bir elmi əsər kimi təqdim olunubdur.
Bir neçə söz uğurlarımız haqqında demək istəyirəm. Sözsüz ki, son illərdə ən böyük uğurlardan biri Azərbaycanın öz peykinin orbitə çıxarılmasıdır. Bundan sonra daha bir peyk və sonra isə ikinci informasiya-kommunikasiya peyki buraxılacaqdır. Baxın, bu peyklərdən əldə olunan gəlir təxminən 600 milyon manat dəyərləndirilir. Təbii ki, bir sual ortaya çıxa bilər. Burada da səsləndi ki, bunun hökumətə nə aidiyyəti? Hesab edirəm ki, əgər cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti olmasa, Nazirlər Kabineti və nazirliklər bu siyasəti uğurla həyata keçirməsə idi, belə uğurlar əldə oluna bilməzdi. Ona görə hesab edirəm ki, Nazirlər Kabinetinin buna birbaşa aidiyyəti var. Baxın, dünyada iqtisadi böhran yaşanılır, amma Azərbaycan öz peykini göndərir, çünki Azərbaycanda çox uğurlu və doğru iqtisadi siyasət həyata keçirilir.
Bilirsiniz, ümumiyyətlə, informasiya-kommunikasiya texnologiyaları dünyanın gələcəyidir. Məlumdur ki, 5 ildə buraya qoyulan vəsaitlər iki dəfə artır. Amma Azərbaycanda bu artım 2,5 dəfədir, yəni dünya göstəricisindən daha yüksəkdir. Əgər bu gün dünyanın neft sektoru 2 trilyon ABŞ dolları qiymətləndirilirsə, bank sektoru 2,5 trilyon qiymətləndirilir. Amma informasiya-kommunikasiya texnologiyaları sektoru bu gün 3,5 trilyon qiymətləndirilir və 2013-cü ildə bu, 3,7 trilyona bərabər olacaq. Ona görə də heç təsadüfi deyil ki, cənab Prezident Azərbaycanda 2013-cü ili informasiya-kommunikasiya ili elan edibdir. Bu sahədə, hesab edirəm ki, çox böyük uğurlar əldə olunubdur. Bu işlər davam etdirilir.
Azərbaycanın büdcəsi haqqında bir neçə söz demək istərdim. Bu gün Azərbaycanın büdcəsi Cənubi Qafqazın bütün büdcəsinin 76 faizini təşkil edir. 2003-cü ildən bu günə qədər büdcə 16 dəfə artmışdır. Çox böyük bir göstəricidir. Keçirəm elm üçün ayrılan xərclərə. Amma elm xərcləri bu illərdə cəmi 7,4 dəfə artmışdır. Bir sual yaranır: nə üçün büdcə 16 dəfə artanda elmə ayrılan vəsaitlər cəmi 7,4 dəfə artır? Bir rəqəmi burada səsləndirmək istəyərdim. 7–8 il bundan öncə artıq Azərbaycanda elmlər doktoru və elmlər namizədlərinin, – bu gün onlara “fəlsəfə doktoru” deyirik, – maaşlarına 50 və 30 manat vəsait əlavə olunur. Həmin gündən 7–8 il keçib. Bu illərdə büdcə 10 dəfə artıbdır, amma həmin rəqəm dəyişməyibdir. Ona görə hesab edirəm ki, bu məsələyə açıqlama gətirilməlidir. Belə bir rəqəmlə elmi stimullaşdırmaq olmaz.
Nəhayət, bir məsələyə də toxunmaq istərdim. Bu gün Azərbaycanda elmə ayrılan vəsait büdcənin 0,7 faizini təşkil edir. Amma 2013-cü ildə bu rəqəm 1,2 faiz idi. Dünyada belə bir statistika var. Əgər elmə ayrılan vəsait büdcənin 1 faizini təşkil edirsə, elm çox çətin inkişaf edir. Əgər bu rəqəm 1,5 faizdirsə, elm özünü doğruldur. Əgər bu rəqəm 2 faizi keçirsə, elm artıq gəlir gətirməyə başlayır. Ona görə də bir çox ölkələr qərar qəbul ediblər ki, elmə ayrılan vəsait büdcənin 2 faizini təşkil etsin. Məsələn, qonşu Rusiyada 2003-cü ildə elmi işçilər üçün 5 illik proqram hazırlanmışdır və bu proqramın nəticəsində elmi işçilərin maaşı təxminən 1000 ABŞ dollarına bərabər olmuşdur. Hesab edirəm, yaxşı olardı ki, Azərbaycanda da elmə ayrılan vəsaitə bir dəqiqlik gətirilsin və bu problemlər aradan qaldırılsın. Bir də təkrar edirəm ki, hesabat çox yüksək səviyyədə hazırlanıbdır, mən buna səs verəcəyəm və həmkarlarımı da səs verməyə çağırıram. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Jalə Əliyeva.
J.Əliyeva. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli Baş nazir, hörmətli hökumət üzvləri! Məndən əvvəl çıxış edən həmkarlarım hesabat sənədi haqqında kifayət qədər geniş danışdılar. Mən də hesabatı müsbət xarakterizə edən həmkarlarımın fikirlərinə qatılaraq bunu ölkə həyatını tamamilə əhatə edən inkişafın və uğurların güzgüsü rolunu daşıyan sanballı, əhəmiyyətli bir sənəd kimi dəyərləndirmək istəyirəm. Məlumdur ki, ölkəmiz ötən 2012-ci ildə daha əvvəlki illərdə də olduğu kimi, istər ölkə daxilində, istərsə də ölkə xaricində çox böyük ciddi uğurlara imza atıb. Qazanılan uğurlar o qədər çoxdur ki, hətta xronoloji şəkildə bunların adlarını sadalamağımız belə bu gün bizə ayrılan vaxtı çox-çox aşa bilər.
Hesabat ilində diqqət çəkən əsas məqamlardan biri 2012-ci ildə də dövlət büdcəsinin sosialyönümlülüyünün qorunmasıdır. Yəni ən başlıca məqsəd sosialyönümlü büdcənin təmin olunmasını hədəfləyirdi və əgər bu məqsədə tam nail olduqsa, deməli, həqiqətən də, layihə uğurlu hesab edilə bilər. Ölkədə ötən illərdə olduğu kimi, yenə də infrastruktur layihələrinə böyük diqqət ayrılıb. İnfrastruktur layihələri içərisində cənab Prezidentin də böyük əhəmiyyət verdiyi və əzəmətli bir yerdə gələn yol-körpü tikintisinin heyrət ediləcək bir sürətlə aparılması, sadəcə, ölkədaxili deyil, hətta regional səviyyədə inkişafa səbəb olmuşdur. Yollarımız hətta ən ucqar əyalətlərə belə inkişafı aparır, yüksəlişdən xəbər verir. Əslində, Azərbaycan bütün sahələr üzrə o qədər yüksək templə inkişaf edir ki, bu sahələrin müqayisəsini aparmaq belə çətinləşir. Bir il ərzində əldə edilənlər, əvvəldə qeyd etdiyim kimi, müzakirə etməkdə olduğumuz hesabat sənədində çox əhatəli şəkildə statistik rəqəmlərlə göstərilibdir. Elə buna görə də hesabatı bir daha təkrarlayıram ki, uğurlarımızın güzgüsü adlandıra bilərik.
Hesabatla əlaqədar bir məqamı xüsusi qeyd etmək istəyirəm. Ötən il hesabat zamanı deputat həmkarlarımın qaldırdıqları bir sıra məsələlər artıq öz əksini tapmışdır. Keçənilki hesabat sırasında mən deputatı olduğum Zərdab və Ucar rayonları ilə bağlı təkliflərimi, xahişlərimi səsləndirmişdim. Bu xahişlərin bir hissəsi nəzərə alınıb və hesabata daxil edilib. Konkret olaraq Zərdab rayonunun Təzəkənd kənd orta məktəbinin təmiri və yenidən tikilməsi, kanalizasiya sisteminin çəkilişi və şəhərin içməli su xəttinin yenidən qurulması, habelə rayonun kəndlərinə qaz xəttinin çəkilməsi işlərinin sürətləndirilməsi üçün tədbirlərin görülməsi ilə bağlı artıq əməli addımlar atılmaqdadır. Mən bütün bunlar üçün hökumətin əlaqədar üzvlərinə təşəkkür etmək istəyirəm.
Yeri gəlmişkən, bunu da qeyd etməyi özümə borc bilirəm ki, 2012-ci ilin oktyabr ayında ölkə Prezidenti cənab İlham Əliyevin Zərdab rayonuna səfəri sırasında son 100 ildə ilk dəfə şəhərə içməli su xəttinin təntənəli açılışı olub. Bunun üçün zərdablılar ölkə rəhbərinə sonsuz minnətdardırlar. Mən Azərbaycan mətbuatının banisi Həsənbəy Zərdabinin 170 illik yubileyinin respublika səviyyəsində keçirilməsi üçün etdiyimiz müraciətin nəzərə alındığını və Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən ölkə üzrə yubiley tədbirlərinin keçirildiyini böyük minnətdarlıqla qeyd etmək və on minlərlə seçicinin ölkə rəhbərinə sonsuz təşəkkürlərini çatdırmaq istəyirəm.
Eyni zamanda, ötən il səsləndirdiyimiz, amma hələlik həllini tapmayan bir neçə xahişimizi də bir daha təkrarlamaq istəyirəm. Zərdabda 1987-ci ildə tikilən və bu günə qədər təmir olunmayan rayon mərkəzi xəstəxanasının təmirə ehtiyacı var. Rayonun Çallı və İsaqbağı kəndlərində məktəb binalarının tikilməsinə, Məlikumudlu və Körpürən kəndlərində uşaq bağçalarına ehtiyac var. Biz ötən il Zərdab rayonunda, heç olmasa, məsafə nəzərə alınaraq iki kənddə bankomatların quraşdırılmasını xahiş etmişdik. Bu xahişimiz nəzərə alınıb və rayonun Məmmədqasımlı kəndində artıq bankomat quraşdırılıb. Mən bunun üçün Sosial Müdafiə Fonduna təşəkkür edirəm. Lakin rayonun digər, Qaravəlli kəndi və Ucar rayonunun rayon mərkəzindən çox uzaqda olan Bərgüşad kəndi də öz növbəsini gözləyir. Eyni zamanda, Ucar rayonunun Bərgüşad kəndinin qazlaşdırılması üçün də əməli tədbirlərin görülməsini xahiş edirəm.
Ölkə üzrə aztəminatlı ailələr üçün güzəştli evlərin tikilməsinə ehtiyac var. Eyni zamanda, internat məktəblərini bitirəndən sonra çox vaxt taleyin hökmünə buraxılan kimsəsiz yeniyetmələr üçün xüsusi evlərin, ailə və məişət zorakılığına məruz qalan şəxslər, xüsusilə qadınlar üçün sığınacaq tipli evlərin tikilməsi sağlam cəmiyyətə nail olmanın əhəmiyyətli şərtlərindəndir. Mən sözümün sonunda hesabata səs verəcəyimi bildirirəm və eyni zamanda, qarşıdan gələn bayram münasibətilə hər birinizi təbrik edirəm. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. İlyas İsmayılov.
İ.İsmayılov. Çox sağ olun, cənab Sədr. Hökumətin illik fəaliyyəti ilə bağlı müzakirəyə çıxarılan hesabat, sözsüz ki, əvvəlki illərdə olduğu kimi, ötən ildə də ölkənin sosial-iqtisadi imkanlarının genişləndiyini, əhalinin maddi rifah halının yaxşılaşdığını əks etdirir.
Bununla yanaşı, diqqətinizi, zənnimcə, hesabatda kifayət qədər yer almayan və problemli saydığım bir məsələyə yönəltmək istərdim. Sənədin elə ilk, 2012-ci ildə ölkə üzrə əsas makroiqtisadi göstəricilər bölümü, 14–16 səhifələri gələcək on illikdə ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən qeyri-neft sektoruna həsr olunub. Burada həmin sektora aid sənaye, energetika, tikinti, nəqliyyat, ticarət və xidmətlər, informasiya və rabitə sahələrinin inkişafı rəqəmlərlə müşayiət olunur. Amma nədənsə qeyri-neft sektorunun tərkib hissəsi olan və məşğul əhalinin 42 faizinin çalışdığı kənd təsərrüfatı sahəsinə aid bir rəqəm belə göstərilməyib. Təkcə bir diaqramda göstərilir ki, həmin bu 42 faiz ölkənin ümumi daxili məhsulunun cəmi 6,2 faizini istehsal edir. Bu, istehsala aid olan rəqəmdir.
İndi kənd təsərrüfatı məhsullarının ixracına nəzər yetirək. Bu göstəriciyə görə də durumu qənaətbəxş hesab etmək çətindir. Bir baxın, 2012-ci ildə ixracın 84,60 faizini xam neft, 5,53 faizini neft məhsulları, 2,71 faizini təbii qaz, cəmi 1,1 faizini meyvə-tərəvəz, 0,93 faizini isə heyvan mənşəli yağlar təşkil edir. Yəni kənd təsərrüfatı sektorunun istehsal etdiyi məhsullar ümumi ixracın cəmi 2 faizini təşkil edir. Adətən, biz innovasiya dedikdə göz önünə kompüter texnologiyaları, başqa elm tutumlu sahələr gəlir, amma bu gün kənd təsərrüfatında da innovasiyalara, yəni yeni idarəçilik metodlarına və iqtisadi alətlərə, yanaşmalara ehtiyac var.
Bir hüquqşünas kimi qaldırılan problemlərin hüquqi tərəfinə toxunmaq istərdim. Aqrar sektorda korrupsiya və inhisarçılığa qarşı mübarizə, demək olar ki, aparılmır. Bu gün Azərbaycan kəndlisi məhsulunu özü bazara çıxarıb sata bilmir. Ən yaxşı halda kəndlilər məhsulu xeyli ucuz qiymətə topdansatış mərkəzlərinə və ya alverçilərə sata bilirlər. Kəndlinin bazara buraxılması inhisarların marağında deyil. Fermerin öz məhsulunu bazara çıxara bilməməsi, məhsulun əldən-ələ keçməsi 40–50 faiz bahalaşmaya səbəb olur. Əgər kəndli becərdiyi məhsulu normal qiymətə sata bilmirsə, onda növbəti ildə həmin sahədə azalma, böhran baş verir və son nəticədə kəndlinin bu sahəyə marağı itir. Kəndlilər ölkə daxilində tikinti, ticarət və xidmət sektoruna, bir qismi isə başqa MDB ölkələrinə axın edirlər. Zənn edirəm ki, inhisarçılıqla bağlı tədbirlər aqrar sahəni də əhatə etməli, kəndlinin istehsal etdiyi məhsulun qısa yolla istehlakçılara çatdırılması təmin olunmalıdır. Bazarda dəllallar tərəfindən yaradılan süni qiymət artımının qarşısı alınmalıdır. Hazırda Aqrar siyasət komitəsində Kənd təsərrüfatının korporasiyası haqqında qanun layihəsi müzakirə olunur. Yaxşı olardı ki, məhsulun fermer təsərrüfatından şəhər alıcısına çatdırılmasının bütün mərhələləri ciddi şəkildə nəzarətdə saxlanılsın. Bu prosesi əhatə edən bütün qanun və digər aktlarda müasir prosesləri ehtiva edən ciddi düzəlişlər aparılsın.
Nəhayət, müzakirə etdiyimiz hesabatın strukturuna və eyni zamanda, onun məğzinə dair bir təklifi irəli sürmək istərdim. Aydındır ki, hər bir qurumun, o cümlədən dövlət qurumunun da fəaliyyətində həm uğurlar, həm də problemlər və nöqsanlar ola bilər. Bu baxımdan növbəti hesabatda hökumətin qarşılaşdığı problemləri və çətinlikləri göstərən ayrıca bir bəndin olmasını arzu edərdim. Sonda hökumətin hesabatının qəbul olunmasını təklif edir və diqqətinizə görə təşəkkürümü bildirirəm.
Sədrlik edən. Sağ olun. Leyla Abdullayeva.
L.Abdullayeva. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli cənab Baş nazir, hörmətli hökumət üzvləri, hörmətli həmkarlar! Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci ildə fəaliyyəti haqqında hesabatla tanış oldum, hesabat kifayət qədər ətraflı və dəqiq hazırlanmışdır. Azərbaycan Respublikasının regionda lider dövlət statusu, dinamik inkişafı, həyata keçirilən uğurlu layihələr, yerinə yetirilən dövlət proqramlarının nəticələri hesabatda öz əksini tapmışdır. Bu hesabat cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən geniş quruculuq və inkişaf prosesinin bir əksi, nəticə və sübutu kimi qəbul edilməlidir.
Mən Sumqayıt şəhərini təmsil etdiyimdən deyə bilərəm ki, ölkədə gedən quruculuq işləri bizim şəhərdən də yan keçməmişdir. Sumqayıt bu gün inkişaf edən müasir, gözəl bir şəhərdir və çox tezliklə cənab Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində Bakı standartlarına uyğun bir şəhər olacaqdır. Eyni zamanda, problemlər də yox deyildir. Mən bunlardan, xüsusilə mühüm birini hökumət üzvlərinin, cənab Baş nazirin diqqətinə çatdırmaq istəyirəm. Söhbət Sumqayıt şəhəri, 15-ci məhəllədə yerləşən 7 saylı yataqxananın vəziyyətindən gedir. Bu bina illərdən bəri çox bərbad vəziyyətdədir. Yataqxananın sakinləri illərdir ki, qəzalı vəziyyətdə olan bu binada yaşayırlar. Onlar hər gün bu binanın başlarına uçacağını gözləyirlər. 7 saylı yataqxana düz şəhərin girəcəyində, avtovağzalın yanında yerləşdiyindən şəhərin gözəlliyinə də xələl gətirir. Bina dəhşətli dərəcədə əyilib və artıq aşmaq ehtimalı var. 120-dən çox ailə orada böyük risk altında yaşayır. Hər hansı bir hadisə baş verərsə, böyük faciə olacaqdır. Bu təhlükə, doğrudan da, var.
Mənə burada yaşayan ailələr dəfələrlə müraciət ediblər. Mən də öz növbəmdə deputat statusu və səlahiyyətlərim çərçivəsində əlimdən gələni etməyə çalışmışam. Müxtəlif instansiyalara müraciət etmişəm. Bu gün də burada cənab Baş nazirə, cənab maliyyə nazirinə, hökumətin bütün əlaqədar nümayəndələrinə müraciət edərək bu məsələni bir daha qabardıram. Ədalət naminə qeyd etməliyəm ki, bu, şəhər icra hakimiyyətinin gücü çatan bir layihə deyil. Bunun üçün böyük vəsait tələb olunur. Məndə olan məlumata görə, yataqxananın təmiri ilə bağlı layihənin smeta sənədləri hazırlanıb, Nazirlər Kabinetinə təqdim olunub. Hazırda bu məsələ müzakirə olunur. Nazirlər Kabineti Maliyyə Nazirliyi ilə birgə layihənin 2013-cü ilin investisiya proqramına salınması ehtimalı olduğunu bildirib. Amma yekun qərar hələ ki verilməyib. Mən buradan bir daha hökumətə müraciət edərək bildirirəm ki, bu məsələni heç cür gecikdirmək olmaz. 2013-cü ildə bu yataqxananın kompleks halda əsaslı təmirini mütləq həyata keçirmək lazımdır. Məsələ hökumət səviyyəsində həll olunmalıdır, çünki ciddi və müəyyən vəsait tələb edir.
Ümid edirəm ki, bu problem tezliklə öz həllini tapacaqdır. Bir daha qeyd etmək istəyirəm ki, hesabat yüksək səviyyədə hazırlanıb və mən ona səs verəcəyəm. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Astan Şahverdiyev.
A.Şahverdiyev. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli Baş nazir, hörmətli millət vəkilləri və hökumət üzvləri! Bu gün bizə təqdim olunan Nazirlər Kabinetinin hesabatında Azərbaycan Respublikasının Baş naziri cənab Artur Rasizadənin rəhbərliyi altında Azərbaycan hökumətinin 2012-ci ildə gördüyü işlər tam dolğunluğu ilə öz əksini tapmışdır. IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyəti dövründə artıq üçüncü dəfədir, hökumətin hesabatını dinləyirik.
Bildiyiniz kimi, 5 il əvvəl başlayan ümumdünya iqtisadi böhranı başa çatsa da, onun təsirləri ötən ildə bütün dünyada, xüsusilə də Avropada hiss olunmaqda davam etmişdir. Hər bir dövlətin iqtisadi vəziyyəti ümumi daxili məhsulun artım tempindən birbaşa asılıdır. Hesabat dövrü ərzində ümumi daxili məhsul 2,2 faiz artmışdır. Təqdirəlayiq haldır ki, bu artım neft sektorunda azalma fonunda qeyri-neft sektorunun artımı hesabına baş vermişdir. Qeyri-neft sektorunun ümumi daxili məhsulda xüsusi çəkisi əvvəlki ildəkindən 48,8 faizdən 52,7 faizə yüksəlmişdir.
Milli Məclisin son illər qəbul etdiyi və hökumətin layiqincə icra etdiyi büdcələr sosial və investisiyayönümlü olmuşdur. Bunun nəticəsidir ki, ölkədə sosial-iqtisadi durum yaxşılaşmaqda davam etmişdir. Vaxt var idi ki, ölkəmizin və xüsusilə onun paytaxtı Bakı şəhərinin bir sıra problemləri, o cümlədən su, qaz və işıq problemləri var idi. Bakı şəhərinin əksər hissəsi Oğuz–Qəbələ su kəməri çəkildikdən sonra daimi olaraq su ilə təmin edilmişdir. Əhalimizin qaz və işıq problemi nadir hallarda yadına düşür. Heç şübhəsiz ki, bu, Azərbaycan hökumətinin gördüyü tədbirlər nəticəsində mümkün olmuşdur.
Bundan başqa, mən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin yenidənqurma işlərini və yeni boru xətlərinin çəkilməsini çox operativ halda və mühəndis nöqteyi-nəzərindən yüksək səviyyədə həyata keçirməsini qeyd etmək istəyirəm.
Ötən il cənab Prezidentin Fərmanı ilə Milli Məclisdə daimi müzakirə obyekti olan keçmiş SSRİ əmanət bankının Azərbaycan vətəndaşlarına olan borcları ödənilmişdir.
Bildiyiniz kimi, mən seçicilərimin hamısı məcburi köçkün olan 120 saylı Cəbrayıl seçki dairəsindən deputat seçilmişəm. Bütün Azərbaycan xalqı 1988-ci ildən başlayaraq Ermənistanın Azərbaycana ərazi iddialarından zərər çəkmişdir. Amma ən çox ziyan çəkən, ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi, ölkənin ən zəif təbəqəsi olan məcburi köçkünlərdir. Mən təkrarlamaq istəmirəm, hesabat ilində çoxlu faktlar gətirilmişdir ki, Goranboy, Şəki və digər rayonlarda, hətta Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün ayrıca şəhərciklər salınmışdır. Bundan başqa, hesabatda qeyd olunduğu kimi, Baş nazirin müavini Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Xocalı soyqırımının dünyanın əksər ölkələrində tanınmasına xüsusi töhfəsini vermişdir.
Görülən işlər göz qabağındadır. Ölkədə, istər Bakı şəhərində, istərsə də Bakı ətrafında və rayonlararası yüksək səviyyəli, Avropa standartlarına cavab verən yol tikintisini də qeyd etmək istəyirəm. Sözün əsl mənasında yol çəkilmir, yol tikilir.
Hörmətli millət vəkilləri, mən hesab edirəm ki, son bir ildə hökumət yaxşı işləmişdir. Bir daha qeyd etdiklərimi nəzərə alaraq mən Azərbaycan hökumətinin 2012-ci ildəki işini yaxşı qiymətləndirirəm və hesabatın bəyənilməsini təklif edirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Musa Quliyev.
M.Quliyev. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli cənab Baş nazir, hörmətli parlament və hökumət üzvləri! Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan müstəqil Azərbaycanın daxili siyasət kursu ötən ildə də uğurla davam etmişdir. Cənab Prezident tərəfindən uğurla aparılan balanslaşdırılmış iqtisadi siyasətin nəticəsi olaraq ötən ildən regionlarımız dinamik şəkildə inkişaf etmiş, ümumi daxili məhsulun yarıdan çoxu qeyri-neft sektorunun payına düşmüşdür. Ötən il büdcə, maliyyə, bank sektorunda sağlamlaşdırıcı və önləyici tədbirlər davam etdirilmiş, vergi inzibatçılığının müasirləşdirilməsi istiqamətində bir sıra yeniliklər əldə olunmuşdur.
Hökumətin ötən ildəki fəaliyyətindən danışarkən İKT sektorundakı yüksək nəticələri xüsusi vurğulamaq istəyirəm. Heç də təsadüfi deyildir ki, hesabat ilində ölkəmiz İKT inkişaf indeksinə görə 10 ən dinamik inkişaf edən ölkələr qrupuna daxil olmuş, təxminən 1 ay bundan öncə isə ilk süni peykini orbitə çıxarmaqla kosmos ölkələri klubunun üzvü olmuşdur.
Ekologiya və aqrar sektorda görülən işlər və əldə edilən nəticələr əhalimizin həyat keyfiyyətinin yüksəlməsinə, sağlamlıq və orta ömür göstəricilərinin yaxşılaşmasına xidmət edir. Ali baş komandan cənab İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğu və müdafiə sənayesi sahəsində gün-bəgün uğurlar əldə edilməkdədir. Milli ordumuzun döyüş qabiliyyətinin və peşəkarlıq səviyyəsinin daha da yüksəlməsi, vətənpərvərlik ruhunun artması, maddi-texniki bazanın güclənməsi, müasir hücum və müdafiə silahları ilə təsisatın daha da yaxşılaşdırılması xalqımızda qürur hissi doğurur, torpaqlarımızın işğaldan tezliklə azad olunacağına inamımızı daha da artırır, düşmənlərimizi və onları dəstəkləyən qara qüvvələri isə məyus edir.
Yeri gəlmişkən, son vaxtlar orduya və komandanlıq rəhbərliyinə yönələn çirkin kampaniyalar, bəzi savadsız gənclərdən bu kampaniyalarda alət kimi istifadə olunması ordumuzun qüdrətindən əndişələnən düşmənlərin təxribatı və onlara daxildən dəstək verən radikal qüvvələrin şərəfsizliyidir. Ordu dövlətin və xalqın dayağıdır. Orduya yönələn istənilən təxribatın və qanunsuz hərəkətin qarşısı Azərbaycan xalqı və dövləti tərəfindən qətiyyətlə alınacaqdır.
Ötən il sosial təminat və sosial müdafiə sahəsində islahatlar uğurla davam etdirilmişdir. Bu sahədə də görülən işləri müsbət hesab etmək lazımdır. Təhsil, səhiyyə, mədəniyyət və turizm sahəsində islahatların davam etdirilməsi və dövlət proqramlarının uğurla həyata keçirilməsi bu sahədə xalqa keyfiyyətli xidmət göstərmək imkanlarını daha da artırmışdır.
Hökumətimizin ötən ildə digər sahələrdəki fəaliyyətini də qənaətbəxş hesab etdiyimi bildirərək bir neçə təklifimi söyləmək istəyirəm. Bakı–Gəncə aviareysini həyata keçirən ATV tipli yüngül təyyarələrin daha təhlükəsiz və komfortlu aerobusla əvəz edilməsinə görə Nəqliyyat Nazirliyinin rəhbərliyinə, həmçinin “AZAL” Dövlət Konserninə seçicilərimin minnətdarlığını çatdıraraq onlardan xahiş edirəm ki, uçuşların hər gün və əlverişli qrafiklə həyata keçirilməsi imkanlarına baxsınlar.
Tütün və tütün məmulatlarının heç yerdə Azərbaycandakı qədər ucuz satılmadığını qeyd edərək təklifimi bildirirəm ki, tütün məhsullarına tətbiq edilən aksiz vergi dərəcələri artırılsın, satışa qoyulan lisenziya şərtləri sərtləşdirilsin. Səhiyyə sisteminin son illərdə tamamilə yenidən qurulması, aparıcı tibbi texnologiyaların müvəffəqiyyətlə tətbiqi, idarəolunmanın və kadr təminatının müasir tələblər səviyyəsinə qaldırılması, eyni zamanda, ölkədə sığorta sisteminin inkişafı icbari tibbi sığortanın tətbiqinə tam imkan yaratmışdır. Biz ya səhiyyənin maliyyələşdirilməsində icbari tibbi sığortanı tətbiq edərək dövlət büdcəsinin yükünü azaltmalı, ya da icbari tibbi sığortadan imtina etməklə adambaşına düşən səhiyyə xərclərini dövlət büdcəsi hesabına bir neçə dəfə artırmalıyıq ki, əhalinin bütün təbəqələri tam həcmdə keyfiyyətli tibbi xidmətlə təmin olunsun.
Son olaraq hökumətimizin ötən ildəki fəaliyyətini yüksək qiymətləndirirəm, hesabata səs verəcəyəm. Deputat həmkarlarımı hesabata səs verməyə dəvət edirəm. Başda cənab Prezident olmaqla gələcək fəaliyyətimizdə hamımıza uğurlar arzulayıram. Sağ olun.
Sədrlik edən. Sağ olun. Fərəc Quliyev.
F.Quliyev. Hörmətli cənab Sədr, hörmətli Baş nazir və hörmətli iştirakçılar! Mən hesab edirəm ki, bu hesabatın zəif halqası yenə də qeyri-neft sektorunda müəyyən artım olmasına baxmayaraq, hələ də iqtisadiyyatımızın neftdən asılılığının yüksək səviyyədə qalmasıdır. Xarici ticarətdə iqtisadiyyatın strukturuna baxanda bu görünür. Görünür ki, xam neft 84 faizdən çox, neft məhsulları 5,53 faiz üstünlükdədir. Neft sektoru və bu kimi sahələrdə xammal və yarımfabrikatların satışı əvəzinə son məhsul satışı daha məqsədəuyğun olardı və belə halda ölkə çox qazanar, həm də iş yerləri açılardı.
İkinci, özəl sahibkarlıq fəaliyyəti ilə bağlı hələ də problemlər qalır. Heç kim üçün sirr deyil ki, inhisarçılıq və yersiz müdaxilə xidmət və ticarət sahələrində artım tempini xeyli aşağı salır. Düşünürəm ki, bu, aradan qaldırılarsa, çox ciddi pozitiv nəticələr əldə olunar. Həm də investisiyaların qoyuluşu üçün də münbit şərait yaranar. Təbii ki, inhisarın aradan qaldırılması üçün həm də məmurların gəlir mənbəyi məsələsi həll olunmalıdır. Ölkədə məhsuldar qüvvələrin potensialından normal istifadə etmək və urbanizasiyanı aradan qaldırmaq üçün əyalətlərin inkişafı haqda burada səslənən fikirlərə mən də dəstək verirəm ki, yerli resurslar və xammallarla işləyən, həm də ixrac qabiliyyətli məhsullar istehsal edən sənaye müəssisələrinin yaradılması və bunun bölgələr üzrə tarazlı bölgüsü indi də aktuallığını saxlayır. Bu istiqamətdə işlər görülməlidir. Bu olmadığından hələlik idxaldan asılılığın azaldılması və gündəlik tələbat malları ilə özünü təmin etmək istiqamətində işlər qənaətbəxş səviyyədə deyildir. Çünki idxalın strukturunda 11 faizi ərzaq məhsulu təşkil edir və bunun da əksər hissəsi ölkədə istehsal oluna bilər, ancaq istehsal olunmur.
Mən keçən il verdiyim təklifi təkrar etmək məcburiyyətindəyəm ki, kommunal sektorun idarəetməyə verilməsi ən vacib məsələlərdən biridir. Bu sahə dövlət mülkiyyətini saxlamaq şərti ilə mütləq idarəetməyə verilməlidir. Kommunal sektor dövlət nəzarətində olduğu üçün ona dövlət büdcəsindən vəsait ayrılır. Məlum səbəblərdən bu vəsait dağıdılır, amma ortada ürəkaçan vəziyyət yoxdur.
Elmlə bağlı. 2012-ci ildə elmin inkişafı üçün 123 milyon, o cümlədən Milli Elmlər Akademiyasına 74 milyon vəsait ayrılıbdır. Mən də düşünürəm ki, bu vəsait azdır. Həm də elm, səhiyyə, təhsil sahəsində çalışanların əmək haqlarının bir neçə dəfə artırılması məsələsi düşünülməlidir və məncə, bu vəsaitin tapılması mümkündür.
Yeri gəlmişkən, mənim cənab Baş nazirdən bir xahişim var. Suraxanı rayonunda xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzi var idi. Həmin mərkəz vəsait çatışmazlığından bağlanmaq təhlükəsi qarşısındadır. Mərkəzin vəsait alması üçün köməklik göstərsin.
Başqa məsələ ailə-qadın məsələsi ilə bağlıdır. Burada məsələyə toxundular. Mən də təkrarlamaq istəyirəm, heç kim üçün sirr deyil ki, bu gün ən müxtəlif səbəblərdən ailə quranların yaş həddi artıbdır. Gənclərimiz mənzillə təmin olunmamaq, imtiyazların verilməməsi ucbatından qazanc və rahat şərait axtarışı üçün ölkəni tərk edirlər və bizə dost olmayan ölkələr də onları qarşılamaqda maraqlıdır. Rusiyanın gənclərlə bağlı siyasətində rus qadınları ilə evlənənlərə xüsusi imtiyazların verilməsi, onların qeydiyyata alınması, mənzillərin verilməsi, çoxuşaqlı ailələrə birdəfəlik yardımların verilməsi kimi tədbirləri buraya daxil etmək olar.
Düşünürəm ki, Dövlət Neft Fondunun vəsaitləri aşağısı illik 3 faiz olmaq şərti ilə xarici ölkələrdə idarə olunur. Dövlət Neft Fondunun vəsaitlərinin bir hissəsi ölkəyə gətirilməlidir. Əsgərlikdən qayıdan, kənd rayonlarında yaşayan bütün gənclərə istisnasız olaraq illik 3 faiz olmaq şərti ilə təsərrüfat fəaliyyəti üçün kreditlə torpaq sahələri vermək mümkündür. Daimi yaşayış yeri şəhər olan gənclərə şəhər ətrafında mənzil tikmək üçün torpaq sahəsi vermək mümkündür. Yenə də həmin faizlərlə iş qurmaq istəyən, müvafiq layihə təklifi ilə çıxış edən gənclərə kreditlərin verilməsi mümkündür ki, gənclər üçün şərait yaradılsın.
Başqa bir məsələ isə hesab edirəm ki, uzun illərdir mənzillərində məcburi köçkünlər yaşayan və kirayədə qalmaq məcburiyyətində olan vətəndaşlarla, xüsusilə hərbiçilərlə bağlıdır. Onların evlərində olan vətəndaşlara, köçkünlərə ilk növbədə mənzillər verilsin ki, hərbiçilərin mənzilləri özlərinə geri qaytarılsın.
Başqa bir məsələ isə yaxın gələcəkdə, məncə, şirin su siyasəti ilə bağlı olacaqdır. Bu, enerji təhlükəsizliyi siyasətindən daha önəmli bir məsələyə çevriləcəkdir. Mən düşünürəm ki, bu sahədə üç istiqamətdə iş görməliyik. Birinci, çirkləndirilən sularımıza sahib çıxmalıyıq. Məsələn, Araz çayını ermənilər çirkləndirirlər. İkinci, çirkləndirilən sulardan başqa da bizim işğal edilmiş Sərsəng su anbarı kimi su mənbələrimiz var. Bunlara sahib çıxmalıyıq. Üçüncü, bizim su mənbələrimizdən su götürüldükdə həmin yerlərin ətraf mühitinin korlanmasının qarşısını almalıyıq.
Cənab Sədr, mən yarım dəqiqə vaxt istəyirəm ki, Naxçıvanla bağlı...
Sədrlik edən. Xahiş edirəm, 1 dəqiqə verin. Buyurun.
F.Quliyev. Təşəkkür edirəm, çox sağ olun. Bölgədəki durumla və İran ətrafındakı vəziyyətlə bağlı, – İrana həm beynəlxalq sanksiyalar tətbiq olunubdur, həm də orada gələcəkdə başqa sanksiyaların tətbiq olunması qaçılmazdır, – hesab edirəm ki, Azərbaycanın əsas hissəsindən coğrafi mənada ayrı düşmüş Naxçıvanla əlaqədar Nazirlər Kabineti xüsusi bir proqram hazırlamalıdır. Burada həm insanların özlərinin təminatları üçün müəyyən sahələr yaradılsın, dünya bazarlarına rəqabət qabiliyyətli məhsullar çıxarılsın, özlərini gündəlik tələbat malları ilə təmin etmək istiqamətində müəyyən işlər aparılsın, iş yerləri açılsın, həm də yerli məhsuldar qüvvələrin potensialından səmərəli istifadə olunsun. Mən düşünürəm ki, bu, hökumətin diqqətindədir və mənim təkliflərim nəzərə alınacaq.
Mən bir daha hökumətə və Baş nazirə, eləcə də, mənə əlavə vaxt verdiyiniz üçün, cənab Sədr, Sizə təşəkkür edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Mirkazım Kazımov.
M.Kazımov. Hörmətli cənab Sədr, hörmətli Baş nazir, hökumət üzvləri və hörmətli millət vəkilləri! Çıxışlarda qeyd edildiyi kimi, son illərdə Azərbaycanın iqtisadi inkişafı dünyada, xüsusilə də Avropada yaranmış maliyyə böhranı şəraitində baş verir. Ölkə iqtisadi mühitdə öz inkişafını, dayanıqlığını qoruyub saxlaya bilmişdir. Bunun nəticəsidir ki, Dünya İqtisadi Forumunun hesabatında Azərbaycan dünyanın 50 ən rəqabət qabiliyyətli iqtisadiyyatları qrupuna daxil edilmiş və son illərdə olduğu kimi, 2012-ci ildə də MDB məkanında liderliyini saxlamışdır.
Bu cür yüksək uğurların əldə edilməsi Prezident İlham Əliyevin düşünülmüş iqtisadi siyasətinin reallaşdırılması nəticəsində mümkün olmuşdur. Son illər iqtisadi sahədə qazanılan nailiyyətlər Azərbaycanın və möhtərəm Prezidentimizin beynəlxalq nüfuzunu daha da artırmışdır. Güclü dövlət, yüksək rifah prinsipi və daha sürətli inkişaf xətti ölkəmizin gələcəkdə də davamlı inkişafını təmin edəcəkdir.
Hörmətli millət vəkilləri, Nazirlər Kabinetinin müzakirəyə təqdim edilmiş hesabatından da göründüyü kimi, hökumət 2012-ci ildə qeyri-neft sektorunun sürətli inkişafı və ölkədə sənayeləşmə siyasətinin reallaşdırılması istiqamətində ciddi addımlar atmışdır. Bunun nəticəsidir ki, ötən il qeyri-neft sektorunda iqtisadi artım 9,7 faiz təşkil etmiş, ümumi daxili məhsulda bu sahənin payı 53 faizə yaxın olmuşdur. Ümumi daxili məhsulun 50 faizi sənaye sahəsində istehsal edilmişdir.
Digər diqqətçəkən məqam ondan ibarətdir ki, ötən il qeyri-neft sənayesinin emal bölməsində istehsal edilmiş məhsulun 56 faizi qida sənayesinin payına düşüb. Hesabat ilində qeyri-neft sektorunun əsas sahələrindən biri olan kənd təsərrüfatının inkişafına yönəldilən tədbirlər də diqqət mərkəzində saxlanılmışdır. Məhsul istehsalının stimullaşdırılması, vergi güzəştlərinin tətbiqinin davam etdirilməsi, subsidiyaların verilməsi, lizinq xidmətlərinin genişləndirilməsi kimi tədbirlərin həyata keçirilməsi həmin sahənin inkişafını təmin etmiş, idxaldan asılılığı azaltmış, ölkə əhalisinin ərzaq təhlükəsizliyinin təmin edilməsini gücləndirmişdir. Əvvəlki illə müqayisədə ötən il aqrar sahədə ümumi daxili məhsulun istehsalı 6,6 faiz artmışdır. Son illər kənd təsərrüfatında həyata keçirilən işlər nəticəsində hesabat ilində 2003-cü illə müqayisədə ölkə əhalisinin sayı 12 faiz artdığı halda, kənd təsərrüfatı məhsullarının adambaşına düşən istehsalı da taxıl üzrə 21 faiz, kartof 13 faiz, meyvə 26 faiz, ət 35 faiz, süd 31 faiz, yumurta üzrə 61 faiz artmışdır. Bu dövr ərzində adambaşına düşən kənd təsərrüfatı məhsulu istehsalında ümumilikdə 20 faiz artım müşahidə edilmişdir.
Hörmətli millət vəkilləri, kənd təsərrüfatının, kəndin inkişafında su təsərrüfatı və meliorasiya sektorunun özəl yeri vardır. 2012-ci ildə sözügedən sahənin ahəngdar fəaliyyəti, bu mürəkkəb sistemin normal istismarı, əkin sahələrinin suvarma suyu ilə təminatı, sel və daşqınların qarşısının alınması üçün lazımi tədbirlər işlənib həyata keçirilmişdir. Qeyd edilməlidir ki, bütün bu işləri vaxtında və yüksək səviyyədə görmək üçün dövlət büdcəsindən aqrar sektora ayrılan vəsaitin böyük hissəsi sözügedən sahəyə yönəldilir. 2012-ci ildə bu vəsait 281 milyon manat həcmində olmuşdur.
Eyni zamanda, bu işlərlə yanaşı, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sifarişi ilə dövlət büdcəsi, xarici investisiyalar və Dövlət Neft Fondunun vəsaitləri hesabına 154 yeni və əvvəlki illərdə inşasına başlanmış 74 obyektdə layihələndirmə və tikinti işləri aparılmışdır. Bu işlərin uğurla başa çatdırılması aqrar sektorun su təminatının yaxşılaşdırılmasına, habelə kənd rayonlarının sosial-iqtisadi inkişafına xidmət edəcəkdir.
Hesabat ilində hökumətin xüsusi diqqət yetirdiyi məsələlərdən biri “Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası olmuşdur. Bu proqramda nəzərdə tutulan tədbirlərin reallaşdırılması əhalinin həyat səviyyəsinin yüksəldilməsinə, yoxsulluq səviyyəsinin aşağı salınmasına, kəndin dayanıqlı inkişafının təmin edilməsinə, eyni zamanda, qeyri-neft sektorunun sabit inkişafına, rayonların sosial problemlərinin həllinə şərait yaradır. Deputatı olduğum Cəlilabad rayonunda da bütün bu söylədiklərimin şəxsən şahidi oluram. Dövlət proqramından irəli gələn vəzifələr yerlərdə ardıcıl surətdə icra edilir. Bunun nəticəsində rayonda əsas sahələri...
Sədrlik edən. Mirkazım müəllim, sağ olun. Əli Hüseynliyə söz verilir. Sonra hörmətli ədliyyə nazirimiz Fikrət Məmmədova söz veriləcək. Buyursun Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli cənab Baş nazir, hörmətli hökumət üzvləri və millət vəkilləri! Hörmətli Artur müəllimin əsaslandırılmış, qısa məruzəsi, eyni zamanda, həmkarlarımızın əksəriyyətinin hökumətin hesabatını müsbət dəyərləndirməsi onu göstərir ki, cənab Prezidentin müəyyənləşdirdiyi iqtisadi siyasətin həyata keçirilməsində, icrasında hökumət üzvləri düzgün istiqamətdə fəaliyyət göstərirlər. Eyni zamanda, Oqtay müəllim, Sizin fikrinizlə də tam şərikəm, bir neçə həmkarım da vurğuladı ki, Azərbaycanda bu işlər dünyada mövcud olan iqtisadi böhran şəraitində həyata keçirilir. Belə bir şəraitdə ölkəmiz öz resurslarını kifayət qədər qoruyub saxlaya bildi. Amma qeyd etmək lazımdır ki, dünyada təkcə iqtisadi yox, həm də təhlükəsizlik böhranı yaşanır, bu böhran Azərbaycanın da mövcud olduğu bölgəni əhatə edir. Bu baxımdan hesab edirəm ki, hökumətimizin, dövlətimizin 2012-ci ildəki fəaliyyəti kifayət qədər uğurlu olmuşdur.
Azərbaycanın qarşıya qoyduğu strateji məqsədlər aydındır. Bu, hüquqi və demokratik baxımdan Avropa İttifaqı standartlarına cavab verən dövlətin qurulması, inkişaf etdirilməsi, iqtisadi baxımdan inkişaf etmiş ölkələr səviyyəsinə çatdırılmasıdır. Amma bütün bu hallarda milli xüsusiyyətlərimizi, dəyərlərimizi qoruyub saxlamalıyıq. Hesab edirəm ki, bu sahədə hökumətin ayrı-ayrı strukturlarının fəaliyyəti qənaətbəxşdir.
Məhkəmə-Hüquq Şurasının üzvü kimi qeyd etmək istəyirəm ki, son illər cənab Prezident tərəfindən verilmiş tapşırıqlar nəticəsində məhkəmə-hüquq islahatları çərçivəsində də ciddi işlər görülmüşdür. Kifayət qədər maliyyə resursları ayrılmışdır və buna görə də hökumətimizə təşəkkürümü bildirmək istəyirəm.
Peşəkar hüquqşünas kimi hörmət etdiyim həmkarım Qüdrət Həsənquliyevin o fikri ilə razı deyiləm ki, məhkəmələrin fəaliyyətini qiymətləndirərkən Ali Məhkəmənin aşağı instansiya məhkəmələrinin qərarlarını ləğv etməsinə qiymət vermək lazımdır. Ali Məhkəmə birinci instansiya və apellyasiya instansiyasından fərqli olaraq, işlərə hüquqi baxımdan qiymət verir, bu da təbii bir haldır. Əlbəttə, biz ümumi məhkəmə təcrübəsinin yaradılması sahəsində fəaliyyət göstərməliyik.
Məncə, Azərbaycanda məhkəmə sisteminin uğurları haqqında danışanda başqa bir statistikanı yada salmaq lazımdır. Birgə səylərimiz nəticəsində vətəndaşlarımızın və sahibkarların qanuni hüquqlarını qorumaq məqsədi ilə son iki ildə fəaliyyət göstərən inzibati-iqtisadi məhkəmələr yaratdıq. Məhkəmələr vətəndaşların və sahibkarların inzibati orqanlarla mübahisələrində qəbul etdikləri qərarların 80 faizi vətəndaşların və sahibkarların xeyrinə olmuşdur. Azərbaycan məhkəmələrinin müstəqil fəaliyyət göstərməsi ilə bağlı göstərici, statistika budur.
Hörmətli hökumət üzvləri, həmkarlar, məlumdur ki, bu il informasiya texnologiyaları ilidir. Hesab edirəm ki, hökumətimizin, dövlətimizin informasiya texnologiyalarının tətbiqi ilə bağlı həyata keçirdiyi siyasət, açıq hökumət proyekti çox əhəmiyyətlidir. Ümumiyyətlə, şəffaflıq strategiyası çox vacibdir. Amma eyni zamanda, indi və gələcək dövrlərdə də informasiya texnologiyalarının tətbiqi zamanı digər ölkələrin üzləşdiyi – iş yerlərinin itirilməsi məsələsinə çox ehtiyatla yanaşmalıyıq. Çünki informasiya texnologiyaları nəticəsində bir neçə şəxsin görə bildiyi iş bir nəfərə həvalə edilir. Hesab edirəm ki, hökumət bu sahədə indiyə qədər həyata keçirdiyi siyasəti qoruyub saxlayacaq, bunun nəticəsində insanlarımız iş yerlərini itirməyəcəklər.
Sonda bir təklifimi də demək istəyirəm. Azərbaycanın Cənubi Qafqaz respublikaları arasında özgünlüyü ondan ibarətdir ki, o həm Böyük Qafqaz, həm də Kiçik Qafqaz sıra dağları ilə əhatə olunan bir ərazidə yerləşir. Təəssüflər olsun ki, tarixən indiki Ermənistan ərazisində, o cümlədən Dağlıq Qarabağda, yəni dağlıq ərazilərdə yaşayan insanlarımız sonradan işğalçılıq siyasəti nəticəsində məcburi surətdə oradan köçürülüblər. Tale belə gətirib ki, onların bir hissəsi ekoloji baxımdan çox da uğurlu olmayan Mil–Muğan çökəkliyində və Abşeron yarımadasının bir hissəsində məskunlaşıbdır. Bu baxımdan hesab edirəm ki, hökumətimiz gələcəkdə Azərbaycanın şimal bölgəsində, Böyük Qafqaz sıra dağlarında, yəni dağətəyində yox, məhz dağlıq ərazidə yeni yaşayış məskənlərinin yaradılması ilə bağlı bir proqram həyata keçirməlidir. Sonda mən hökumət üzvlərinə, cənab Baş nazirə uğurlar arzulayıram.
Sədrlik edən. Çox sağ olun, Əli müəllim. Söz verilir hörmətli ədliyyə naziri Fikrət Məmmədova, buyurun.
F.Məmmədov, Azərbaycan Respublikasının ədliyyə naziri.
Təşəkkür edirəm, cənab Sədr. Hörmətli millət vəkili Qüdrət Həsənquliyev məhkəmə sisteminin fəaliyyəti ilə bağlı məsələ qaldırdı. Qeyd etməliyəm ki, Azərbaycanda bu sahədə kompleks işlər görülmüşdür. Lakin belə bir məsələnin qaldırılması onu göstərir ki, ictimaiyyətimiz bu haqda kifayət qədər məlumatlı deyil. Ona görə mən açıqlama verməyi özümə borc bildim.
İlk növbədə bildirməliyəm ki, hər bir demokratik cəmiyyətdə müstəqil məhkəmə hakimiyyətinin əhəmiyyəti müstəsnadır. Möhtərəm Prezidentimiz fəaliyyətə başlayan zaman, onun ilk qəti tapşırıqlarından biri məhkəmə sisteminin təkmilləşdirilməsi və müasirləşdirilməsi ilə bağlı olmuşdur. Bu müddət ərzində bir çox tədbirlər həyata keçirilmiş, o cümlədən qanunvericilik bazası təkmilləşdirilmiş, iki mühüm müstəqil qurum – məhkəmə hakimiyyətinin özünüidarə orqanı olan Məhkəmə-Hüquq Şurası və Hakimlərin Seçki Komitəsi yaradılmışdır. Eyni zamanda, məhkəmələrin səlahiyyətləri xeyli genişləndirilmişdir. Nəticədə məhkəmələrdə baxılan qeyri-cinayət işlərinin sayı 7 dəfə artmışdır.
Bizdə əhaliyə nisbətdə hakimlər çox az idi. Avropa ölkələri arasında demək olar ki, ən az hakimin olduğu ölkə idik. Buna görə də dövlət başçısı tərəfindən hakimlərin sayı iki dəfə artırılmışdır. Təbii ki, bu, işlərə daha keyfiyyətli baxılmasına, iş gününün azalmasına xidmət etmişdir. Hər bir hakim üçün köməkçi ştatı təsis edilmiş, məhkəmə aparatlarının sayı xeyli artırılmışdır. Eyni zamanda, hakimlərimizin müstəqilliyinin təmin edilməsi məqsədi ilə müddətsiz təyinat da artıq təsbit olunmuşdur. Hakimlərimizin fəaliyyətlərinin qiymətləndirilməsi, onların əmək haqlarının dəfələrlə artırılması və hakimlərin sayının artırılması məqsədi ilə təkcə 2010–2011-ci illərdə 20 yeni məhkəmə yaradılmışdır.
Bakı şəhərində, paytaxtımızda yaradılmış gərginliklə bağlı fikirlər səsləndi. Məlumat üçün xatırlatmaq istərdim ki, yeni yaradılmış məhkəmələrin əksəriyyəti ölkəmizin bölgələrində yerləşir. Eyni zamanda, 7 regional apellyasiya məhkəməsi yaradılmış, iqtisad məhkəmələri şəbəkəsi genişləndirilmiş, həmçinin regionlarda Ağır Cinayətlər Məhkəməsi və Ağır Hərbi Cinayətlər Məhkəməsi yaradılmışdır. Əvvəllər həmin məhkəmələr yalnız Bakıda fəaliyyət göstərirdi. Fikir verin, bununla insanlara əlverişli şərait yaratmış olduq. Artıq yüzlərlə, minlərlə insan Bakıya üz tutmalı olmur, onların işlərinə öz yaşadıqları əraziyə yaxın yerlərdə baxılır.
Hörmətli Əli müəllim də burada qeyd etdi, 2011-ci ildən böyük əhəmiyyətə malik olan inzibati məhkəmələr fəaliyyətə başlamışdır. Bilirsiniz ki, həmin məhkəmələr, əsasən, vəzifəli şəxslərə qarşı olan şikayətlərə baxırlar. Bu məhkəmələrin müstəqilliyinin təmin olunması məqsədi ilə onlar hər bir bölgədə, rayonda deyil, regional prinsiplə yaradılmışdır. Bu gün inzibati məhkəmələr tərəfindən baxılan işlərin, iddiaların 75–80 faizinin təmin edilməsi onu göstərir ki, məhkəmələr vətəndaşların və eyni zamanda, iş adamlarının hüquqlarının keşiyində durur və onu bərpa edirlər.
Həmçinin bildirmək istərdim ki, hakimlərimizin fəaliyyəti ilə daim maraqlanırıq, məhkəmə sistemini təkmilləşdirmək məqsədi ilə müxtəlif sorğular keçiririk. Bu təkliflər ümumiləşdirilərək müvafiq layihələr hazırlanır. Qeyd etmək istərdim ki, dekabr ayında Milli Məclisdə məhkəmə fəaliyyəti ilə bağlı mühüm qanunlar qəbul olunmuşdur. Buna görə də fürsətdən istifadə edib millət vəkillərinə öz təşəkkürümü bildirirəm.
Eyni zamanda, hakimlərin məsuliyyətlərinin artırılması ilə bağlı xeyli tədbirlər görülmüş, Hakimlərin Etik Davranış Kodeksi qəbul olunmuşdur. Bayaq dediyim kimi, onların fəaliyyətinin mütəmadi qiymətləndirilməsi təsbit edilmiş və nəticədə yol verilmiş pozuntulara görə 60 hakimin fəaliyyətinə vaxtından əvvəl xitam verilmişdir. Ümumiyyətlə, 148 hakim haqqında intizam-tənbeh tədbirləri tətbiq edilmiş, 8-nin fəaliyyətinə xitam verilmiş, 3-ü aşağı vəzifəyə keçirilmiş, 8-nin iş yeri dəyişdirilmiş, 70 hakimə töhmət verilmişdir.
Bu cür təmizlik işləri ilə yanaşı, biz ən layiqli hüquqşünaslarımızın hakim korpusunda təmsil olunması üçün də mühüm işlər görürük. Azərbaycanda Avropa Şurası ilə birgə, demək olar ki, ən şəffaf, obyektiv və ədalətli seçim qaydaları tətbiq edilir. Təsəvvür edin ki, bu imtahan prosesi birbaşa “online” rejimində İnternetdə canlı şəkildə yayımlanır. Avropa Şurasının ekspertləri Azərbaycanın bu təcrübəsinə böyük maraq göstərərək ölkəmizə səfər etmişlər. Onlar bütün bu prosesləri əvvəldən axıra kimi izləyib, geniş bir hesabatla Avropa Şurasında həmin məsələni müzakirə etmişlər. Azərbaycanın bu cür şəffaf rejimini digər Avropa dövlətlərinə bir örnək kimi tövsiyə etmişlər.
Analoji qərar, eyni zamanda, Avropa İttifaqı tərəfindən “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində də qəbul edilmişdir. Azərbaycanda məhkəmə sistemində müasir texnologiyaların tətbiqi məsələsi də xüsusi diqqətə səbəb olmuş, Avropa Şurasının hesabatlarında öz əksini tapmışdır. Qeyd etməliyəm ki, həmin islahatların mütərəqqi xarakterini görən Dünya Bankı da bu işə öz dəstəyini vermək arzusunu bildirmişdir.
İmzaladığımız birgə saziş nəticəsində bu gün ölkədə məhkəmə infrastrukturu xeyli yaxşılaşıb. Artıq 4 yeni məhkəmə binası inşa olunaraq istifadəyə verilib. Yəqin ki, sizin də məlumatınız var. Dövlət başçısı bu məhkəmələrin ikisinin açılışında şəxsən iştirak etmiş və görülmüş işləri müsbət qiymətləndirərək davam etdirilməsi ilə bağlı öz tapşırıqlarını vermişdir.
Məlumat üçün bildirim ki, bu məhkəmələr tamam yeni prinsiplə qurulub. İlk növbədə korrupsiya ilə mübarizə və vətəndaşlarla hakimlərin qeyri-prosessual münasibətlərinin qarşısının alınması məqsədi ilə məhkəmə binası iki zonaya bölünüb – inzibati və ictimai zona. Artıq vətəndaşlarla hakimlər, proses iştirakçıları yalnız məhkəmə zalında görüşə bilərlər, onların hər hansı ünsiyyətinin qarşısı alınmışdır. Eyni zamanda, həmin məhkəmələr ən müasir informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunub. Proseslərin birbaşa video, audio yazılışlarının aparılması, protokolların daha mükəmməl və operativ tərtib edilməsi, sənədlərin proses iştirakçılarına nümayiş etdirilməsi ilə bağlı hər cür avadanlıq qurulmuşdur. Eyni zamanda, məhkəməyə gələ bilməyən şahidlərin, istintaq təcridxanası ilə birbaşa bağlantı nəticəsində cinayət işi üzrə əhəmiyyət kəsb edən şəxslərin dindirilməsi artıq mümkündür. Bildirməliyəm ki, Dünya Bankı bu layihəni yüksək qiymətləndirərək işlərimizin davam etdirilməsi üçün bizə öz dəstəyini verir. Bu gün həmin layihə, demək olar ki, dünya miqyasında ən uğurlu layihələrdən biri kimi qiymətləndirilir.
Sözsüz, əsas odur ki, görülən bu tədbirlər real məhkəmə proseslərində də öz bəhrəsini göstərsin. Ona görə də diqqətinizi bəzi statistik hesabatlarımıza cəlb etmək istərdim. Bayaq burada səsləndi ki, məhkəmələrdə qeyri-cinayət işləri üzrə təmin olunan iddiaların sayı 80–90 faiz arasında, hətta 90 faizdən yüksək olur. Eyni zamanda, apellyasiya məhkəmələri və Ali Məhkəmə tərəfindən işlərin ləğv olunması haqqında da söhbət getdi. Əgər biz bu qərarlara diqqət yetirsək, görəcəyik ki, Azərbaycanda qərarların sabitliyi çox yüksəkdir, 91 faizdən 97 faizə qədər çatır. Yəni işlərin cüzi miqdarı yuxarı instansiya məhkəmələri tərəfindən ləğv edilir. Bunların da ləğv olunması təbiidir, çünki bizdə üçpilləli məhkəmə sistemi mövcuddur. Bilirsiniz ki, artıq 2002-ci ildən Avropa İnsan Hüquqları Məhkəməsinin də yurisdiksiyası Azərbaycana şamil olunur.
Bəzən mətbuatda yazılır ki, yenə də Azərbaycana qarşı hər hansı bir iş, qərar qəbul olundu və bunu bir sensasiya, fövqəladə hal kimi təqdim etmək istəyirlər. Amma gəlin, Avropa Məhkəməsinin təcrübəsinə və statistikasına diqqət yetirək. Bu gün Avropa Məhkəməsində çox gərgin vəziyyət yaranıb. 150 min iş yığılıb və işlərə bu templə baxılsa, yəqin ki, Avropa Məhkəməsinə hələ bundan sonra 20 il vaxt lazım olacaq. Eyni zamanda, hər il bu məhkəməyə 60 minə yaxın yeni iş daxil olur. Statistik göstəricilərdən aydın olur ki, bu işlərin 55 faizi cəmi 4 dövlətə – Rusiya, Türkiyə, İtaliya və Rumıniyaya aiddir. Eyni zamanda, qəbul edilmiş qərarların üçdə biri yalnız 4 dövlətə – Rusiya, Ukrayna, Türkiyə və Yunanıstana aiddir. Eyni zamanda, orta Avropa göstəriciləri mövcuddur. Bu da hər 10 min əhaliyə 0,79 şikayət edir. Azərbaycanla bağlı göstəricilər 2 dəfə bundan aşağıdır.
Bütün bunlara baxmayaraq, mən bildirməliyəm ki, Avropa Məhkəməsi üç ildir, hər il konfranslar təşkil edir, burada həmin problemləri müzakirə edir və çıxış yolunu milli məhkəmələrin, yəni üzv dövlətlərin məhkəmələrinin fəaliyyətinin təkmilləşdirilməsində görür. Eyni zamanda, bu, bütün dövlətlərdə ciddi problemin mövcudluğunu bir daha təsdiq edir. Qeyd etdiyim rəqəmlər bir daha nümayişkarcasına göstərir ki, Azərbaycanda vəziyyət qat-qat yaxşıdır. Amma buna baxmayaraq, biz daim bu sahədə beynəlxalq təşkilatlar tərəfindən də təqdir olunan islahatlar aparırıq.
Hörmətli millət vəkili burada Andlılar Məhkəməsi ilə bağlı məsələ qaldırdı. Mən xatırlatmaq istərdim, bizim qanunlarımızın, cinayət-prosessual qanunvericiliyimizin özündə birbaşa yazılıb ki, bu sahədə islahatlar başa çatandan sonra bunu tətbiq edəcəyik. Amma siz də görürsünüz ki, parlamentimizin iştirakı ilə bu islahatlar intensiv davam etdirilir. Təbiidir ki, məhkəmə sistemimiz tam formalaşandan sonra bu məsələyə də münasibət bildiriləcək.
Eyni zamanda, burada vahid İstintaq Komitəsi ilə bağlı məsələ qaldırıldı. Mən bu məsələlərə görə təşəkkür edirəm, çünki hər biri aktualdır. İstintaq Komitəsi ilə bağlı, demək olar, 40 ildir, həm nəzəriyyədə, həm də təcrübədə müzakirələr gedir. Açığını deyim, bu gün MDB dövlətləri arasında yalnız Rusiyada belə bir komitə mövcuddur, o da, bildiyiniz kimi, yenicə yaranmış qurumdur. Hətta bu komitə bütün istintaq orqanlarını ləğv etməyib. Daxili İşlər Nazirliyində, Federal Təhlükəsizlik Xidmətində istintaq davam etdirilir. Bu hələ ilkin təcrübədir və İstintaq Komitəsinin gələcəkdə fəaliyyəti necə olacaq? İnşallah, biz buna nəzər yetirəcəyik. Digər MDB dövlətlərindən yalnız Qazaxıstanda 1990-cı illərdə bu komitə yaradılmış və özünü doğrultmadığı üçün cəmi 2–3 ildən sonra ləğv edilmişdir.
Məhkəmə qərarlarının icrası ilə bağlı mühüm bir məsələyə toxunuldu. Sözsüz ki, bu, ədalət mühakiməsinin səmərəliliyində müstəsna əhəmiyyət kəsb edən bir məsələdir. Elə ona görə də sonuncu referendumda Konstitusiyada dəyişikliklər edildi ki, məhkəmə qərarlarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur və bu da vətəndaşlarımızın, eyni zamanda, vəzifəli şəxslərin məhkəmə qərarlarının icrasında məsuliyyətinin artırılmasına yönəldilmişdir.
Bu sahədə icra mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı bir sıra mühüm qanunlar qəbul edilmiş, yeni mexanizmlər təsbit olunmuşdur. Hətta möhtərəm Prezidentimizin Fərmanı ilə ildə iki dəfə, hər 6 aydan bir qərarların icra vəziyyəti haqqında dövlət başçısına hesabatlar təqdim edirik. Qeyd etməliyəm ki, bu sahədə də iş yükümüz 4–5 dəfə artmışdır. İldə icraatda 185 minə qədər iş olur. Bununla bağlı qurumun kadr potensialı gücləndirilmiş, struktur dəyişiklikləri aparılmış, maddi-texniki baza möhkəmləndirilmişdir. Görülən tədbirlər nəticəsində icraatda olan işlərin 75 faizinin müsbət həllinə nail ola bilirik. Amma eyni zamanda, uzun sürən proseslə bağlı bir sıra işlər də var. Uşaqların aliment hüquqları ilə bağlı Milli Məclisə təşəkkür etmək istərdim. Çünki dekabr ayında alimentlərin ödənilməsindən boyun qaçıran şəxslərin məsuliyyətinin gücləndirilməsi ilə bağlı mühüm bir qərar qəbul olunmuşdur. Bildirməliyəm ki, bu qanun hələ tətbiq olunmasa da, artıq öz çəkindirici təsirini göstərmişdir. Bu sahədə göstəricilərimiz yaxşılığa doğru dəyişməkdədir.
Eyni zamanda, bu sahədə maarifləndirmənin gücləndirilməsi məqsədi ilə İctimai Televiziyada “Qanundan kənar” adlı həftəlik veriliş yayımlanır. Həmçinin onu da bildirməliyəm ki, bu yaxınlarda Ədliyyə Nazirliyinin geniş kollegiya iclası keçirildi. Burada bütün icra qurumlarının nümayəndələri təmsil olunurdu, bir çox obyektiv və subyektiv səbəblərin aradan qaldırılmasına yönəlmiş qərarlar qəbul edildi. O cümlədən işdə qüsurlara yol vermiş 30-dək icra məmuru ciddi intizam məsuliyyətinə cəlb olundu.
Bu sahədə tədbirlərimiz davam etdirilir. Biz bilirik ki, bu, vətəndaşları çox narahat edən bir sahədir. Eyni zamanda, bununla bağlı Daxili İşlər Nazirliyi ilə birgə əmr imzalamışıq ki, bu sahədə mövcud olan bütün imkanlarımızı səfərbər edək, işimizi daha da yaxşılaşdıraq.
Mən bir daha təşəkkür edirəm ki, Milli Məclisdə bizim üçün çox aktual olan bu məsələlərə toxunuldu. Fürsətdən istifadə edib bütün millət vəkillərini qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik etmək istəyirəm. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun, Fikrət müəllim. Bu gün Milli Məclisdə Ədliyyə Nazirliyinin kiçik hesabatını dinlədik. Çox sağ olun. Söz verilir Fəzail Ağamalıya.
F.Ağamalı. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli cənab Baş nazir, hörmətli hökumət üzvləri, hörmətli həmkarlar və media təmsilçiləri! Mən də hər şeydən öncə qarşıdan gələn bahar bayramı münasibətilə hər birinizi təbrik edirəm, sizə can sağlığı, işlərinizdə böyük uğurlar diləyirəm.
Mən ilk növbədə cənab Baş nazirə səmimi təşəkkürümü və minnətdarlığımı bildirirəm ki, uzun illər boyu yarımsəhralıqda yerləşən Salyan rayonunun Xıdırlı kəndinin içməli su ilə təmin olunması məsələsində mənim müraciətimə çox diqqətlə və həssaslıqla yanaşdı. Onun birbaşa müdaxiləsindən və tapşırığından sonra qısa zaman kəsiyində üç mindən yuxarı kənd əhalisi, nəhayət, içməli su ilə təmin olundu. Cənab Baş nazir, onların da təşəkkürünü Sizə bildirirəm. Bir daha təşəkkür edirəm, çox sağ olun.
Mən burada hökumətin 2012-ci ildəki uğurlu fəaliyyəti barədə deyilən müsbət fikirlərlə tamamilə şərikəm. Bir daha qeyd etmək istəyirəm ki, ölkəmiz 2012-ci ildə bütün sahələrdə, o cümlədən iqtisadi və sosial sahələrdə ciddi uğurlara imza atmışdır. Bütün bunlarla əlaqədar vaxtın azlığını nəzərə alaraq çox qısa şəkildə bir neçə təklifimi hörmətli hökumət üzvlərinin diqqətinə çatdırmaq istəyirəm.
Heç kimə sirr deyil ki, bu gün Azərbaycan vətəndaşlarının mütləq əksəriyyəti sosial vəziyyətlərini yaxşılaşdırmaq üçün kredit götürür. Lakin kreditlərin faizi o qədər yüksəkdir ki, onlar nəinki bu kreditlər vasitəsi ilə öz problemlərini həll edə bilmirlər, eyni zamanda, əllərində olan mülkiyyətlərindən də məhrum edilmək təhlükəsi ilə üzləşir və bütün ümidlərini itirirlər. Mülklərinin qiymətləndirilməsində də çox böyük ədalətsizliklər var. Girov qoyulan daşınmaz əmlakın dəyəri 50 faizdən aşağı qiymətləndirilir.
İkinci məsələ. Kənd təsərrüfatının bundan sonra da dövlətin dəstəyinə çox ciddi ehtiyacı var. Yəni bundan sonra da bu sahəyə xüsusi diqqət yetirilməlidir. Bu təkcə ölkə əhalisinin ərzaq təhlükəsizliyinin təminatı kimi yox, həm də kənd təsərrüfatı məhsulları ixracının Azərbaycana gətirəcəyi milyonlarla vəsaitin həcmi ilə qiymətləndirilməlidir. Heç kimə sirr deyil ki, Azərbaycanın kənd təsərrüfatı məhsulları xarici ölkələrdə, yəni MDB məkanında brend məhsul kimi qiymətləndirilir və ona çox böyük tələbat var. Ona görə kənd təsərrüfatı məhsullarının ixracına geniş imkanlar açılmalı, bütün baryerlər aradan qaldırılmalı, emal müəssisələrində istifadə olunan qaz və işığa güzəştlər tətbiq olunmalıdır. Necə ki, taxıl sahəsində fermerlərə belə güzəştlər mövcuddur.
Nəhayət, çıxışımın sonunda Milli Məclisin tribunasından dəfələrlə qaldırdığım bir məsələnin vacibliyini bir daha önə çəkmək istəyirəm. Böyük vəsait tələb edən 17 kəndi və 32 min əhalini dünya ilə birləşdirən Salyan–Şirvan, bir neçə il öncə Kür çayının daşması nəticəsində olduqca yararsız vəziyyətə düşən Salyan–Noxudlu və inzibatı cəhətdən Neftçala rayonunun ərazisi olan Salyan–Cəngən yolunun investisiya proqramı çərçivəsində əsaslı təmirinə başlanması üçün müvafiq tədbirlərin görülməsini sizdən xahiş edirəm.
Sözümün sonunda hökumətin 2012-ci ildəki fəaliyyətini müsbət qiymətləndirirəm və səsvermədə, təbii ki, öz müsbət münasibətimi ifadə edəcəyəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Günün axırıdır, hamı hesabatın səsə qoyulmasını istəyir. Bir xanımın çıxışı ilə iclasımızı bitirək, sonra səsvermə keçirək. Elmira Axundova buyursun.
E.Axundova. Cənab Sədr, çox sağ olun ki, bu gün gender bərabərliyini bərpa etdiniz, minnətdaram Sizə. Mən də sizin vaxtınızı çox almayacağam. Burada Nazirlər Kabinetinin hesabatının müsbət cəhətləri haqqında çox şeylər deyildi. Mənim də bu barədə deyiləcək sözlərim çox idi, onları ixtisara salıram. Nazirlər Kabinetinin hesabatını müsbət qiymətləndirirəm və buna mütləq səs verəcəyəm.
Mən bir neçə təkliflə çıxış etmək istəyirəm və bununla da iclası bitirərik. Qeyd edim ki, keçən 8 il ərzində Nazirlər Kabinetinin hesabatı təqdim edilərkən hər dəfə respublika və rayon əhəmiyyətli bir sıra təkliflərlə çıxış etmişəm. Təəssüflər olsun ki, bu təkliflərin bəzilərinin icrası yubanır. Məsələn, ana kapitalının təsis olunması, çoxuşaqlı analara müəyyən güzəştlər edilməsi, sosial mənzillərin tikilməsi və bu mənzillərin aztəminatlı ailələrə verilməsi, gənc ailələrə dövlət tərəfindən sosial dəstəyin gücləndirilməsi, dərman vasitələri almaq üçün ahıl insanların pensiyalarına müəyyən əlavələr edilməsi və sairlə bağlı təkliflərdir. Bu təkliflərin, heç olmasa, bir neçəsinin həyata keçirilməsi ilə biz sosial siyasət sahəsində cəmiyyət üçün əhəmiyyətli bir iş görə bilərdik.
Dəfələrlə Masallı rayonunun Hişkədərə kənd diyarşünaslıq muzeyinin qəzalı vəziyyətdə olması barədə məlumat vermişəm. Bilirsiniz, bu tikili rayonda olan yeganə muzeydir və bir müddət də bu cür davam etsə, tezliklə muzeyin içindəki eksponatlar açıq hava altında qalacaq, binanın uçması nəticəsində oradakı 20 min nadir eksponat məhv olacaq. Mən həyəcan təbili çalıram və hörmətli Baş nazirdən çox xahiş edirəm ki, buna səs versin. Əgər bu hadisə olsa, baş verənlərə görə kim məsuliyyət daşıyacaq?
Digər bir məsələ isə Masallı rayonunda bütün səhiyyə ocaqlarının zəif, qəzalı vəziyyətdə, təmirə ehtiyacı olmasıdır. Məsələn, mənim seçildiyim dairədə – Boradigah qəsəbəsində, Kalinovkada bir xəstəxana fəaliyyət göstərir, o da çox bərbad vəziyyətdədir. Mən bu barədə dəfələrlə aidiyyəti qurumlara müraciət etmişəm və çox gözəl haldır ki, Səhiyyə Nazirliyi bu məsələyə dərhal münasibət bildirdi. Rəsmi qaydada cavab verdi ki, müvafiq tədbirlərin görülməsi üçün məsələ İqtisadi İnkişaf Nazirliyinə təqdim edilmiş, amma 2009–2012-ci illərdə investisiya proqramına daxil edilmədiyi və investisiya ayrılmadığı üçün heç bir iş həyata keçirmək mümkün olmamışdır. Lakin hesab edirəm ki, bu cür əhəmiyyətli işlərin icrası üçün Səhiyyə Nazirliyinə müvafiq maliyyə vəsaiti ayrılmalı idi, çünki bura rayonumuzun ən sıx məskunlaşmış ərazilərindən biridir.
Burada xəstəxana, demək olar ki, 10 illərlə təmir edilməyib. Bu xəstəxana heç bir sanitar-gigiyena normalarına cavab vermir. Həmin xəstəxanada olan tibbi avadanlıq da çox köhnəlmişdir. Bu cür qeyri-gigiyenik şəraitdə, müasir olmayan xəstəxana binalarında körpələr dünyaya gəlir, insanlar müalicə olunurlar. Hər dəfə seçicilərlə görüşlərim zamanı xəstəxanalarla bağlı məsələ qaldırılarkən onların qarşısında bir millət vəkili kimi xəcalət hissi keçirirəm. Ona görə, çox xahiş edirəm ki, qeyd etdiyim məsələləri nəzərə alasınız və nəhayət, əməli tədbirlər görəsiniz. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Bugünkü iclasda 35 deputat çıxış etdi. Mən hesab edirəm ki, artıq meyarlar məlumdur. Xahiş edirəm, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci ildə fəaliyyəti haqqında hesabatına münasibət bildirəsiniz.

 Səsvermənin nəticələri  (saat 17.59 dəq.)
 Lehinə  104
 Əleyhinə  2
 Bitərəf  1
 Səs vermədi  0
 İştirak edir  107
 Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
İcazə verin, sizin hamınızın adından hökumətimizi bayram münasibətilə təbrik edim, uğurlar arzulayım. Parlament, hökumət, bütün Azərbaycan xalqı, Azərbaycan vətəndaşları ölkəmizin çiçəklənməsinə, inkişafına kimin nə imkanı var, dəstək verməlidir. Bu il bizim üçün həm şərəfli, həm də çətin ildir. Biz bir olmalıyıq və bu birliyimizi ilin axırında sübut etməliyik. Sağ olun.
 
EDİLMƏMİŞ  ÇIXIŞLARIN
MƏTNLƏRİ

15 mart 2013-cü il
———
Gülçöhrə Məmmədova. Milli Məclisə təqdim edilmiş Nazirlər Kabinetinin 2012-ci ildə fəaliyyəti barədə hesabatı ölkəmizin uğurlu inkişafının ötən ildə də davam etdirildiyini və bir sıra nəticələrin əldə olunduğunu sübuta yetirir. İlk növbədə qeyd olunmalıdır ki, dünya iqtisadiyyatında maliyyə böhranı fəsadlarının davam etdiyi bir dövrdə, qeyri-sabit qlobal iqtisadi mühitdə Azərbaycan iqtisadiyyatı dayanıqlığını qoruyub saxlaya bilmişdir.
Sevindirici haldır ki, Dünya İqtisadi Forumunun hesabatında Azərbaycan dünyanın 50 ən rəqabət qabiliyyətli iqtisadiyyatı qrupuna daxil edilmişdir və son dörd ildə olduğu kimi, indi də MDB ölkələri arasında lider pozisiyasındadır.
Ölkəmizdə ötən ildə başqa sahələrdə olduğu kimi, təhsil sahəsində də inkişaf strategiyasına uyğun olaraq bir sıra nailiyyətlər əldə edilmişdir. “2009–2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”nın icrası son illər universitetlərdə yeniləşmə və inkişaf proseslərini gücləndirmiş və 2012-ci ildə bir sıra müsbət dəyişikliklər əldə edilmişdir. Yeni maliyyələşdirmə mexanizminə keçid və işçilərin əmək haqlarının təyin edilməsinin sərbəstləşməsi universitetlərin müstəqilliyini və məsuliyyətini artırmış, sağlam rəqabətin güclənməsinə, təhsilin keyfiyyətinin artırılmasına, müəllimlərin əməklərinin qiymətləndirilməsində fərdi yanaşmaya şərait yaratmışdır.
Yeni maliyyələşdirmə mexanizminin müsbət cəhətləri ilə yanaşı, problemləri də mövcuddur.
- əhali arasında populyar olmayan bir sıra ixtisaslara dövlət sifarişi ilə qəbulun çox aşağı səviyyədə olması bu ixtisasları hazırlayan universitetlərin işini çətinləşdirir;
- təhsil haqqının aşağı olması universitetlərin inkişafını məhdudlaşdırır.
Bu şəraitin müəyyən qədər düzəlməsinə ödənişli təhsil qəbulunun sərbəstləşdirilməsi təsir edə bilərdi.
Universitetlərdə kadr potensialı problem olaraq qalır. Savadlı gəncləri müəllimlik fəaliyyətinə cəlb etmək üçün onlara ən azı istehsalatda aldıqları maaşı vermək lazımdır. Bu isə hazırda mümkün deyil. Təəssüf ki, iqtisadiyyat sahəsində həyata keçirilən beynəlxalq layihələrə universitetlər çox az cəlb edilir. Hesab edirəm ki, hər bir iqtisadi sahənin inkişafına yönəlmiş layihədə o sahəyə mütəxəssis hazırlığı da nəzərə alınmalıdır. Yəni müvafiq universitetlər də bu və ya digər formada həmin layihələrə cəlb olunmalıdır.
Universitetlərin daha çox dəstəyə ehtiyacı var. Təəssüf ki, biz istehsalatdan hər hansı elmi problemin həlli üçün sifariş almırıq. Elmin İnkişaf Fondu da daha çox akademik elmə dəstək verir.
Deputat seçildiyim Goranboy, Tərtər, Ağdam rayonlarında da ötən il ərzində inkişaf davam edib. Yalnız Goranboy rayonunda 6 yeni məktəb tikilmiş, 88 faiz qazlaşdırma və bir sıra yeni obyektlərin tikintisi həyata keçirilmişdir. Regionların inkişafı göz qabağındadır və bu sahədə hökumətin işini qeyd etmək lazımdır.
Eyni zamanda, həllini tapmayan böyük bir problemi bir daha Nazirlər Kabineti qarşısında səsləndirmək istəyirəm. Bu, su problemidir. Əhalinin ən çox əziyyət çəkdiyi və demək olar ki, hər görüşdə qaldırdığı məsələ suvarma suyunun qıtlığıdır.
Bütün müraciətlərimizə baxmayaraq, sözün əsl mənasında, “hava və su” kimi lazım olan suvarma məsələsinin həllinə nail ola bilməmişik. Ötən il də, bu il də cəmi bir neçə artezian quyusunun qazılması üçün vəsait ayrılmışdır. Bu quyuların sayının artırılması çox vacib məsələdir. 2013-cü ildə kənd əhalisinin bol məhsul yığması üçün bunların artırılmasını bir daha xahiş edirəm.
Hökumətin hesabatını müsbət qiymətləndirirəm və qəbul olunmasını təklif edirəm.
Cavanşir Feyziyev. Hörmətli cənab Sədr, hörmətli Baş nazir, hörmətli millət vəkilləri və hökumət üzvləri!
Müzakirəyə təqdim edilən hesabatdan göründüyü kimi, hökumətin 2012-ci ildəki fəaliyyəti Azərbaycanda son 10 ildə həyata keçirilən islahatların, sürətli irəliləyişin, iqtisadi inkişafın sosial tərəqqiyə təkan verməsinin davamı kimi səciyyələndirilə bilər. Hökumətin həyata keçirdiyi məqsədyönlü iqtisadi siyasətin labüd nəticəsi olaraq dünya iqtisadiyyatında gedən böhran xarakterli proseslərin Azərbaycana təsiri minimuma endirilmişdir. Beynəlxalq reytinq agentliklərinin Azərbaycandakı iqtisadi duruma verdiyi qiymətlər, dövlət büdcəsinin, eləcə də Azərbaycanın valyuta ehtiyatlarının müsbət dinamika üzrə artımı, investisiya mühitinin daha da yaxşılaşması və sair bu kimi məqamlar Azərbaycanda aparılan iqtisadi siyasətin uğurlu olduğunu bir daha təsdiq edir.
Hesab edirəm ki, 2012-ci ildə əldə etdiyimiz ən önəmli nailiyyət qeyri-neft sektorunun sürətli inkişafıdır. 2012-ci ildə qeyri-neft sektorunda 9,7 faiz səviyyəsində artım olmuş və onun ümumi daxili məhsuldakı xüsusi çəkisi 49 faizdən 53 faizə qalxmışdır. Ötən il əsas kapitala yönəldilmiş 25,8 milyard dollarlıq sərmayənin 19,4 milyard dolları və ya ümumi investisiyanın 75 faizdən çoxu qeyri-neft sektorunun payına düşmüş, əvvəlki illə müqayisədə bu sahəyə yönəldilən investisiyaların həcmi 19 faiz artmışdır. Bunun nəticəsində ötən il Azərbaycan iqtisadiyyatı 2008-ci ildən dünya iqtisadiyyatında davam edən qeyri-sabit qlobal mühitdə və risklərin artan xətlə cərəyan etdiyi bir şəraitdə öz inkişafının dayanıqlığını qoruyub saxlaya bilmiş və 2,2 faiz iqtisadi artıma nail ola bilmişdir.
“2008–2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın, “Azərbaycan Respublikası regionlarının 2009–2013-cü illərdə iqtisadi inkişafı Dövlət Proqramı”nın və digər proqramların həyata keçirilməsi nəticəsində qeyri-neft sektorunun inkişaf etdirilməsi, xüsusilə regionlarda və kənd yerlərində əhalinin gəlir əldə etmək imkanlarının genişləndirilməsi üçün əlverişli şəraitin yaradılması vasitəsilə yoxsulluğun azaldılması istiqamətində növbəti addımların atılması təmin edilmişdir. 2012-ci ildə görülən işlərdən danışarkən, ilk növbədə cənab Prezidentin Sərəncamı ilə SSRİ dövründən qalmış əmanətlərin qaytarılması Azərbaycan ictimaiyyətinin, Azərbaycan əmanətçilərinin çoxdan gözlədiyi bir aksiya idi. Bu iş çox uğurlu şəkildə həyata keçirilməyə başlandı və bu il də davam etməkdədir.
Bütün bunlarla yanaşı, bəzi məsələlərə də münasibət bildirmək istərdim. 2012-ci ildə müsbət dinamika nümayiş etdirən sahələr içərisində səhiyyənin xüsusi yeri var. Səhiyyə sahəsində həyata keçirilən islahatlar ötən il də uğurla davam etdirilmişdir. Son on ildə 500-ə yaxın səhiyyə müəssisəsi tikilmiş və ya əsaslı təmir edilərək ən müasir avadanlıqlarla təchiz olunmuşdur. Yalnız Bakı şəhərində deyil, regionlarda da yüksək səviyyədə müayinələrin, ən çətin və unikal əməliyyatların aparılması işi genişləndirilmişdir. Bununla yanaşı, səhiyyə ilə bağlı danışarkən vacib hesab etdiyim bir neçə məsələni də hökumət üzvlərinin və həmkarlarımın diqqətinə çatdırmaq istərdim.
Birincisi, Azərbaycanda icbari tibbi sığortanın tətbiq edilməsi həm əhalinin səhiyyə xidmətlərindən rahat istifadəsini yaxşılaşdıracaq, həm bu xidmətin keyfiyyətini artıracaq, həm də dövlətin səhiyyə xərclərinin sığorta şirkətləri arasında paylanmasına gətirib çıxaracaqdır. Bunun üçün bizim hüquqi bazamız da, maliyyə əsaslarımız da var. Sığorta şirkətlərinin fəaliyyəti də artıq kifayət qədər genişlənib və hesab edirəm ki, bu işin öhdəsindən gəlmək iqtidarındadır.
İkincisi, Azərbaycana gətirilən çox unikal tibbi avadanlıqlarda yüksək səriştə ilə işləməyi bacaran kadrların sayının artırılması istiqamətində təsirli tədbirlərin görülməsini zəruri hesab edirəm.
Digər vacib məsələ isə əczaçılıq məhsullarının dövriyyəsinin ƏDV-dən azad edilməsi ilə bağlıdır ki, hökumət bu sahədə lazımi addımlar atmalıdır. Yeri gəlmişkən xatırlatmaq istərdim ki, dünya ölkələrinin əksəriyyətində dərman preparatları ƏDV-dən tam azaddır və ölkəmizdə də bunun tətbiq edilməsi vaxtı çoxdan çatmışdır.
Son illər Azərbaycanda turizmin inkişafı üçün həm hökumət, həm də özəl sektor tərəfindən genişmiqyaslı işlər görülür. Bunun sayəsində çox mötəbər beynəlxalq qurumların, məsələn, Dünya İqtisadi Forumunun araşdırmalarına görə, Azərbaycan dünyanın turizmin inkişaf etdiyi 139 ölkəsi arasında sürətlə irəliləyərək 78-ci yerə, MDB məkanında isə önə çıxmışdır. Bu onu göstərir ki, Azərbaycanda turizmin inkişaf etdirilməsi üçün kifayət qədər potensial var. Həmin potensialdan istifadənin səmərəliliyinin artırılması, “elektron hökumət” layihəsinin elementlərinin bu sektora tətbiqinin sürətləndirilməsi, regionlarda turizm imkanlarından istifadənin miqyaslarının genişləndirilməsindən ötrü əlavə tədbirlərin görülməsini, xüsusən də müvafiq kadr hazırlığı işlərinin sürətləndirilməsini zəruri hesab edirəm.
Ümumiyyətlə, ötən il ərzində bir sıra irihəcmli sosial layihələrin həyata keçirilməsi, əməkhaqlarının və pensiyaların orta aylıq məbləğinin artırılması istiqamətində atılan addımlar xüsusilə uğurlu olmuşdur. Ona görə də hökumətin 2012-ci ildəki fəaliyyətini yüksək qiymətləndirirəm və hesabatın qəbul olunması üçün səs verəcəyəm.
Hökumətimizə gələcək fəaliyyətində uğurlar arzulayıram. Qarşıdan gələn Novruz bayramınızı təbrik edirəm.
Sədaqət Vəliyeva. Hörmətli həmkarlar, Azərbaycan hökumətinin hesabatı, əldə etdiyi nailiyyətlər ölkəmizin sürətli inkişafının, uğurlarının və nailiyyətlərinin göstəricisidir. Hesabatla tanış olan zaman görürük ki, həqiqətən də, bu gün Azərbaycan Respublikası stabil və dinamik inkişafına, çevik daxili və xarici siyasətinə görə nəinki Cənubi Qafqazın, eləcə də Avropanın bor çox dövlətlərindən irəlidədir, hətta onlar üçün modeldir.
Ölkəmizdə Heydər Əliyev siyasətinin cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, həmçinin sosial-iqtisadi və siyasi islahatların paralel həyata keçirilməsi nəticəsində Azərbaycanın timsalında iqtisadi inkişafın və demokratik tərəqqinin yeni nümunəsi formalaşıb. Odur ki, müasir dünya dövlətləri də Azərbaycanın təcrübəsini bölüşmək və düşdükləri vəziyyətdən çıxmaq üçün sözügedən modelə müraciət edirlər.
Qeyd edim ki, təkcə son on il ərzində həyata keçirilmiş sosial-iqtisadi islahatlar nəticəsində ümumi daxili məhsul üç dəfə, qeyri-neft sektorunda ümumi daxili məhsul isə 2,4 dəfə artıb. Son 9 ildə Azərbaycanın strateji valyuta ehtiyatları 28,8 dəfə artaraq 46 milyard dolları ötüb. Yoxsulluğun səviyyəsi 44,7 faizdən 6 faizə, işsizlik isə 5,2 faizə qədər azalıb.
2003–2012-ci illərdə Azərbaycan iqtisadiyyatına yönəldilən 128,3 milyard dollar məbləğində investisiyadan 65,7 milyard dollarını daxili investisiyalar təşkil edib və xarici ticarət dövriyyəsi 6,4 dəfə artıb. Təsadüfi deyil ki, dünyanın ən nüfuzlu beynəlxalq agentliklərinin Cənubi Qafqazda investisiya reytinqinə layiq görülən ilk ölkə də məhz Azərbaycandır.
“Qlobal Rəqabətlilik Hesabatı”nda ölkəmiz 144 ölkə arasında 46-cı, MDB məkanında isə ardıcıl olaraq dörd ildir ki, birinci yerdədir. Beynəlxalq imici durmadan yüksələn Azərbaycan “Yüksək insan inkişafı” və “Yuxarı orta gəlirli” ölkələr qrupuna daxildir.
Ölkəmizin stabil və dinamik inkişafı onun dünya ictimaiyyəti qarşısına müxtəlif beynəlxalq tədbirlərlə çıxmasına da səbəb olur. Elə “Eurovision–2012” mahnı yarışmasının Azərbaycanda keçirilməsi, həmçinin Ümumdünya İqtisadi Forumunun, şahmat üzrə 2015-ci il Dünya Kuboku yarışlarının, 2016-cı il Dünya Şahmat Olimpiadasının və Birinci Avropa Oyunlarının da ölkəmizdə təşkil edilməsinin qərara alınması söylənilənlərin əyani sübutudur.
Əlbəttə, bütün bunlar Prezident İlham Əliyevin Heydər Əliyev siyasətini uğurla davam etdirməsi və şaxələndirməsi nəticəsində mümkün olub.
Hörmətli həmkarlar, əldə etdiyimiz uğurlarla yanaşı, bəzi sahələrdə müəyyən dərəcədə təkmilləşmələrə də ehtiyac var. Bu isə Azərbaycan cəmiyyətinin sosial həyatı ilə bağlı olan məsələlərdir. Ona görə də Nazirlər Kabinetindən bir neçə xahişim var.
Birincisi, infeksion xəstəliyi olan məhbusların ümumi cəzaçəkmə müəssisələrindən ayrılıb xüsusi yerlərdə saxlanılması ilə bağlıdır. Belə ki, Azərbaycanın cəzaçəkmə müəssisələrində olan məhbusların müəyyən hissəsi infeksion xəstəliklərdən əziyyət çəkir və bir çoxu da məhz vərəm, hepatit C kimi xəstəliklərin daşıyıcısıdır. Onlar bu cür xəstəliklərin mənbəyidir və əşyalardan birgə istifadə halları nəticəsində digər sağlam məhbusları da eyni xəstəliyə yoluxdura bilərlər. Bununla da sağalması heç mümkün olmayan və uzun sürən xəstəliklərin yayılması halları yaranır.
Mənim xahişim onunla bağlıdır ki, bu cür xəstəliyi olan məhbuslar xüsusi şəraiti olan cəzaçəkmə müəssisələrində saxlanılsınlar, ya da digər məhbusların yoluxmasının qarşısını almaq üçün əlavə tədbirlər görülsün. Çünki infeksion xəstəliyin daşıyıcılarının müalicə və yaşam şəraiti müəyyən olunmuş normalar çərçivəsində reallaşdırılır. Əgər bu gün göstərilən istiqamətdə lazımi addımlar atılsa, yoluxucu xəstəliklərin daşıyıcılarının sayı azalmış olar.
Postsovet ölkələrinin bir neçəsində – Ukraynada, Türkmənistanda və digərlərində bu cür halların qarşısını almaq üçün əşyalardan birgə istifadəni məhdudlaşdırırlar. Amma məhbuslara paylanan əşyalar təkrar istifadəyə cəlb edildiyindən infeksion xəstəliklərin yayılmasının qarşısını almaq mümkün olmayıb. Bu səbəbdən də Avropa təcrübəsinə müraciət edilə bilər. Yəni infeksion xəstəliyin daşıyıcılarının xüsusi şəraiti olan cəzaçəkmə müəssisələrinə köçürülməsi həyata keçirilə bilər.
İkinci xahişim gələcəyimiz olan uşaqların, xüsusilə də orta məktəb şagirdlərinin asudə vaxtlarının səmərəli təşkil edilməsi ilə bağlıdır. Elə son günlər ərzində baş vermiş cinayət hadisələri də bizi bir daha bu problemlə bağlı düşünməyə vadar edir. Ötən gün yayılmış məlumatlarda deyilirdi ki, Sumqayıtda 15–16 yaşlı 3 yeniyetmə oğurluq hadisəsinə görə həbs edilib. Bununla yanaşı, bir sıra gənc ölkədə sabitliyi pozmaq cəhdinə görə “molotov kokteylləri”, “səs bombaları” ilə ələ keçiriliblər. Bunlar həyəcan təbili olmalıdır ki, yeniyetmələri və gəncləri bu cür mənfi hərəkətlərdən çəkindirək. Bugünkü vəziyyətlə qarşılaşmamaq üçün şagirdlərlə birbaşa əlaqə qurulmalıdır. Bunun da ən optimal yolu şagirdlərin asudə vaxtlarının səmərəli təşkilidir.
Şagirdlər həm dərslərdən sonra, həm də tətillərdə onlar üçün maraqlı olan formada təlim və tərbiyə proseslərinə cəlb edilməlidirlər. Həmin proses çərçivəsində onların intellektual bilik səviyyələri artırılmalı, təkrar təlim tendensiyasına qoşulmalı, peşə qabiliyyətlərinin artırılması üçün əmək təlimləri təşkil edilməlidir. Bu işə isə həm dövlət, həm də QHT-lər xətti ilə başlamaq olar. Onsuz da xarici beynəlxalq QHT-lər və digər qərəzli qüvvələr Azərbaycan yeniyetmələrinin və gənclərinin “beyinlərini yumağa” və “zəhərləməyə” cəhd göstərirlər. Ona görə də bu sahədə təcili tədbirlər görülsə, daha vətənpərvər, intellektual, kreativ, qərəzli qüvvələrə dövlətçilik prizmasından cavab verən gənclik formalaşdırmaq olar.
Üçüncü xahişim isə gənclərimiz üçün sosial evlərin tikintisi ilə bağlıdır. Təbii ki, bu sahədə müəyyən hesablamalar və layihələndirmələr aparılmalıdır. Amma ailə qurmuş gənclər üçün uzunmüddətli kreditlərlə evlərin tikilib satılması reallaşdırılsaydı, bu sahədə bir sıra strateji hədəfləri həyata keçirmək mümkün olardı. Yəni yenicə qurulmuş ailələrin ev problemi aradan qaldırılar, sosial-məişət problemləri, boşanmaların sayı azalar, ailə institutu daha da güclənər və vətəndaşlar dövlət qarşısındakı məsuliyyətlərini aydın şəkildə dərk edərlər.
Doğrudur, bu gün ölkəmizdə ipoteka kreditləri verilir. Amma elə gənc ailələr var ki, onlar ya sosial ipoteka almaq üçün lazımi meyarlara malik olmurlar, ya da adi ipoteka kreditlərini qaytarmaq iqtidarında deyildirlər. Bu səbəbdən də gənc ailələri ev qayğısından azad etmək üçün sosial evlərin tikintisi layihəsi səmərəli olardı.

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi