2012-ci il 6 aprel tarixli iclasın stenoqramı

DÖRDÜNCÜ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
V SESSİYASI İCLASININ

PROTOKOLU № 38

Milli Məclisin iclas salonu.
6 aprel 2012-ci il.

İclasa Azərbaycan Respublikası Milli Məclisinin Sədri O.Əsədov sədrlik etmişdir.

İclasda Milli Məclisin 110 deputatı iştirak etmişdir.

Qeydiyyat (saat 12.06 dəq.)
İştirak edir 101
Yetərsay 83

İclasa dəvət olunmuşlar:

İsa Nəcəfov, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə namizəd.

*     *     *

Heydər Əsədov, Azərbaycan Respublikası Hesablama Palatasının sədri.
Adil Məhərrəmov, Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini.
Cəfər Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Nazim Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Vaqif Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Mehriban Əlişanova, Azərbaycan Respublikası Hesa-blama Palatasının auditoru.
Fazil İbrahimov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Məhəmmədəli Süleymanov, Azərbaycan Respublikası Hesablama Palatası Aparatının rəhbəri.
Seyfəddin Talıbov, Azərbaycan Respublikası Hesablama Palatasının şöbə müdiri.
Vüqar Gülməmmədov, Azərbaycan Respublikası Hesa-blama Palatasının şöbə müdiri.
Firsənd Qurbanov, Azərbaycan Respublikası He-sablama Palatasının şöbə müdiri.

*     *     *

Ramiz Hüseynov, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi rəisinin müavini.

*     *     *

Vaqif Əliyev, Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin birinci müavini.
Cəmil Quliyev, Dövlət Film Fondunun direktoru.
Firudin Qurbanov, Azərbaycan Respublikası Mədəniy-yət və Turizm Nazirliyi Aparatının rəhbəri.
Murad Hüseynov, Beynəlxalq Muğam Mərkəzinin direktoru.
Rafiq Sadıqov, Azərbaycan Dövlət Mədəniyyət və İncə-sənət Universitetinin birinci prorektoru.
Yaşar Hüseynli, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Qeyri-maddi mədəni irs sektorunun müdiri.
Namiq Qulamov, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Hüquq sektorunun müdiri.
Vaqif Quliyev, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat şöbəsinin müdiri.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. İ.Ə.Nəcəfovun Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi haqqında.
2. Azərbaycan Respublikası Hesablama Palatasının he-sabatı haqqında.
3. Azərbaycan Respublikasının Avstraliya İttifaqında (Kanberra şəhərində) Səfirliyinin təsis edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
4. “Serbiya Respublikasında E-763 avtomobil magistralı-nın Ljiq-Boljkovci,Boljkovci-Takovo və Takovo-Preljina hissələrinin tikintisinin maliyyələşdirilməsi üçün Borcverən qismində çıxış edən Azərbaycan Respublikası Hökuməti və Borcalan qismində çıxış edən Serbiya Respublikası Hökuməti arasında Kredit Sazişi”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi barədə.
5. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Res-publikası qanununun layihəsi haqqında.
6. Azərbaycan Respublikasının Mülki Məcəlləsində də-yişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
7. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəl-ləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Res-publikası qanununun layihəsi barədə.
8. Mədəniyyət haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Aşağıdakı məsələlər müzakirə edilmişdir:

Gündəlik haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Qənirə Paşayeva, Fazil Mustafa, Qüdrət Həsənquliyev, Zahid Oruc, İlyas İsmayılov, Siyavuş Novruzov, Elman Məmmədov, Asim Mollazadə, Aqil Abbas, Fəzail İbrahimli

Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.07 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 95
Nəticə: Qəbul edildi

1. İ.Ə.Nəcəfovun Azərbaycan Respublikası Konsti-tusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.42 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

2. Azərbaycan Respublikası Hesablama Palatasının hesabatı haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov,  Elmira Axundova, İlyas İsmayılov, Vahid Əhmədov, Ziyafət Əsgərov, Fazil Mustafa, Fəzail Ağamalı, Zahid Oruc, Bahar Muradova, Fəzail İbrahimli, Qüdrət Həsənquliyev, Çingiz Qənizadə, Siyavuş Novruzov

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.52 dəq.)
Lehinə 108
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 108
Nəticə: Qəbul edildi

3. Azərbaycan Respublikasının Avstraliya İttifaqında (Kanberra şəhərində) Səfirliyinin təsis edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Sevinc Fətəliyeva

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.54 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 103
Nəticə: Qəbul edildi

4. “Serbiya Respublikasında E-763 avtomobil magis-tralının Ljiq-Boljkovci, Boljkovci-Takovo və Takovo-Preljina hissələrinin tikintisinin maliyyələşdirilməsi üçün Borcverən qismində çıxış edən Azərbaycan Respublikası Hökuməti və Borcalan qismində çıxış edən Serbiya Res-publikası Hökuməti arasında Kredit Sazişi”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Ziyad Səmədzadə, Məlahət İbrahimqızı, Qüdrət Həsənquliyev, Fazil Mustafa, Valeh Ələsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.06 dəq.)
Lehinə 104
Əleyhinə 1
Bitərəf 1
Səs vermədi 1
İştirak edir 107
Nəticə: Qəbul edildi

5. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası-nın Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli, Vahid Əhmədov, Hikmət Atayev, Fazil Mustafa, Qüdrət Həsənquliyev, Musa Qasımlı, Mübariz Qurbanlı, Etibar Hüseynov, Çingiz Qənizadə, Eldar İbrahimov, Bahar Muradova, Rafael Cəbrayılov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 17.12 dəq.)
Lehinə 103
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 104
Nəticə: Qəbul edildi

6. Azərbaycan Respublikasının Mülki Məcəlləsində də-yişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 17.12 dəq.)
Lehinə 99
Əleyhinə 2
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 102
Nəticə: Qəbul edildi

7. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbay-can Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 17.13 dəq.)
Lehinə 105
Əleyhinə 2
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 107
Nəticə: Qəbul edildi

8. Mədəniyyət haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Nizami Cəfərov, Valeh Ələsgərov, İlyas İsmayılov, Elmira Axundova, Leyla Abdullayeva, Bahar Muradova, Asim Molla-zadə, Mübariz Qurbanlı, Jalə Əliyeva

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 18.08 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 103
Nəticə: Qəbul edildi


Azərbaycan Respublikası
Milli Məclisinin Sədri 
O.ƏSƏDOV

 

 

 

MİLLİ  MƏCLİSİN  İCLASI

6 aprel 2012-ci  il. Saat 12.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.

Qeydiyyat (saat 12.06 dəq.)
İştirak edir 101
Yetərsay  83

Yetərsay var, iclasa başlaya bilərik.
Gündəlik sizə paylanıb. Xahiş edirəm, gündəliyə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 12.07 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir  95
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. Gündəliyi müzakirə eləmək istəyənlər var. Çox həvəslisiniz?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda xahiş edirəm, yazılın. Qənirə Paşayeva buyursun.
Q.Paşayeva. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Azərbaycan  parlamentində çox önəmli bir tədbir, Avronest Parlament Assambleyasının sessiyası keçirildi. Bu, həm ölkəmiz, həm də parlamentimiz üçün çox böyük bir hadisə, böyük tədbir idi. Mən hamını təbrik edirəm, Azərbaycan  çox yüksək səviyyədə ev sahibliyi həyata keçirdi.
Oqtay müəllim, biz dünən Azərbaycan–İraq parlament-lərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri İlham müəllimlə İraqdan gəlmiş  millət vəkilləri ilə görüşdük. Görüş zamanı onlar bəzi məsələləri qaldırdılar və xahiş elədilər ki, Azərbaycan–İraq parlamentlərarası işçi qrupunun fəaliyyətinin getdikcə güclənməsini diqqətə çatdıraq. Həqiqətən, çox önəmlidir ki, parlamentimiz bu məsələyə diqqəti artırsın.
İraqın Azərbaycanda səfirliyi fəaliyyət göstərdiyi halda, İraqda Azərbaycanın səfirliyi yoxdur. Gələnlərin içərisində türkmən kökənli millət vəkilləri var idi. Canı  canımızdan, qanı qanımızdan olan insanlardır və biz eyni millətin nü-mayəndələriyik. Hətta dilimiz  belə  98 faiz oxşardır. İraqda türkmən kökənli qardaş-bacılarımızın sayı düz 3 milyona yaxındır. Keçən dəfə də o millət vəkilləri İraq parlamentinin nümayəndə heyətinin tərkibində Bakıya gəlmişdilər və bu məsələni  qaldırmışdılar. Çox yaxşı olar ki, Azərbaycanın İraqda səfirliyi açılsın. Bu hər iki ölkə arasında münasibətlərin daha da inkişafına təsir edər və bizim oradakı insanlarımız üçün çox önəmli olar.
Azərbaycan–İraq münasibətləri hər zaman böyük önəm daşımışdır və digər ərəb ölkələrində də bizim səfirliklərimiz var. Qrupumuzun görüşü zamanı bu məsələ  Xarici İşlər Nazirliyi səviyyəsində  qaldırıldı. Parlamentin də, Sizin də dəstəyiniz olarsa,  çox önəmli bir addım atmış olarıq, çünki indi onlar İraq parlamentində Qarabağla, Xocalı soyqırımı ilə bağlı məsələləri qaldırmağa hazırlaşırlar. İraq parlamenti də bu məsələyə ədalətli qiymət vermək istəyir. Orada bizim səfirliyimiz  olarsa, bu proseslər daha da sürətlənər. Mən onların bu xahişini sizə çatdırıram və ümid edirəm ki, parlamentimizin  dəstəyi ilə bu məsələnin qısa zamanda reallaşması mümkün olacaq. Çünki ölkəmizin imkanları artdıqca səfirliklərin sayı...
Sədrlik edən. Çox sağ olun. Qənirə xanım, bilirsiniz, çıxış üçün 3 dəqiqə vaxt verilir. Qənirə xanım Azərbaycan Respublikasının Milli Məclisində Avronest Parlament Assambleyasının ikinci sessiyasının keçirilməsi haqqında danışdı. Mən də  fürsətdən istifadə edərək Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinə,  onun rəhbərinə, bu tədbirin keçirilməsində əməyi olan insanların hamısına minnətdarlığımı bildirirəm.
Bir məsələni qeyd etmək istəyirəm. Bildiyiniz kimi, bu sessiyada Ermənistan nümayəndə heyəti iştirak edirdi. Biz çalışdıq ki, onları yüksək səviyyədə, qonaqpərvərliklə  qarşılayaq. Düzdür, bizim millət vəkilləri Ermənistana gedəndə bəzi problemlər ortaya çıxmışdı, ancaq biz hər şeyi nəzərə aldıq. Təəssüflər olsun ki, son günlərdə yenə  bir bəhanə tapdılar, narazılıq yaratdılar.
Bu gün erməni qəzetlərində yazırlar ki, cənab Prezident erməni xalqını “faşist” adlandırıb. Bahar xanım da burada deyir, cənab Prezident məruzəsində söylədi ki, Xocalıda baş verən soyqırımı barbarlığın və faşizmin təcəssümüdür. Əgər ermənilər bunu eləyiblərsə və öz üzərlərinə götürürlərsə, deməli, həqiqətən, faşistdirlər. Söhbət bundan gedir. Mən bunu müzakirə üçün danışmadım, misal üçün deyirəm. Mən onların yazdıqlarını diqqətə çatdırıram.
Biz bir daha göstərdik ki, Azərbaycan beynəlxalq təşkilatların hər bir forumunu yüksək səviyyədə keçirə bilər. Mən bir daha Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinə, onun rəhbərinə öz minnətdarlığımı bildirirəm. Fazil Mustafa buyursun.
F.Mustafa. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli millət vəkilləri, mən də o təşəkkürlərə qoşuluram. Şəxsən Sizə, Milli Məclisin rəhbərliyinə və eləcə də, nümayəndə heyətinin rəhbəri, çox böyük fədakarlıq göstərən Elxan Süleymanova təşəkkürümü bildirirəm ki,  bu qədər yüksək səviyyəli bir tədbiri heç bir insident olmadan  çox yüksək səviyyədə həyata keçirdiniz. Bu, Azərbaycanın imici üçün olduqca vacib idi.
Mən iki məsələyə toxunmaq istəyirəm. Birinci, bu gün Azərbaycanın hər yerində idman kompleksləri tikilir. Cənab Prezidentin də səyi ilə olimpiya kompleksləri tikilir, ayrı-ayı idmançılar üçün şərait yaradılır. Bu yaxınlarda Türkiyənin İstanbul və Ankara şəhərlərində bir şeyi müşahidə elədim. Hər yanda şüarlar asılıb ki, kim istəsə,  idman komplekslərində pulsuz  məşğul ola bilər.
Ölkədə narkomaniyanın geniş yayıldığı, insanların müəyyən  problemlərlə üz-üzə qaldığı bir vaxtda bizim idman komplekslərinin əksəriyyətinin ya qapısı bağlıdır, ya da elə məbləğ qoyulub ki, o,  əhalinin böyük əksəriyyəti üçün əlçatmazdır. Adi bir futbol meydançası üçün 50 manat, bir saatlıq oyun üçün 30–40 manat verməlisən. Olimpiya komplekslərinə daxil olmaq mümkün deyil. Bunlar kimin üçün tikilib? Əgər əhali üçün tikilibsə, kütləvi idmanı ölkədə inkişaf etdirmək istəyiriksə, onlardan pulsuz istifadə üçün şərait yaratmaq lazımdır. Ən azı dövlətin  balansında olan yerlərdə bu şəraitin yaradılması vacibdir. Əgər belə olmasa, biz sağlamlığını itirmiş gənclərin sayının daha da  artmasını müşahidə edəcəyik.
İkinci məsələ  Xəzər dənizi ilə bağlıdır. Mən təklif edirəm,  Xəzər dənizinin statusu haqqında  bir qanun layihəsi hazırlayıb, müzakirə eləyək.  Xəzər dənizi təkcə  İranla, Rusiya ilə deyil,  həm də bizim məmurlarımızla bağlı problemdir. Xəzər dənizinə gedən bütün yollar tutulub, heç cığır da  qoyulmur. Kiminsə vəzifəsi, pulu, imkanı varsa, yolu bağlamalıdır? Bu dəniz xalqa məxsusdursa, heç olmasa, hamının qarşısına bir öhdəlik qoyulsun. Kimsə imarət,  villa,  obyekt tikirsə, heç olmasa, dənizə gedən bir metrlik cığır qoysun ki, sadə insanlar ora  çıxıb  hava ala bilsinlər.
Bütün bağlarda dənizə gedən yollar bağlanıbdır. Hamısı da dövlətin  yüksək vəzifəli məmurlarının adları ilə bağlıdır. Belə olmaz axı. İnsan həyata bir dəfə gəlir və bütün insanları düşünmək lazımdır. Elə şeylər ümumidirsə, insanların o haqqını əlindən almaq olmaz. Mən istərdim ki,    Milli Məclis səviyyəsində bir iş görək ki, insanlar bu qədər qəsbkarlıq etməsinlər və Xəzər dənizindən Azərbaycan xalqını məhrum etməsinlər. Sağ olun.
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox sağ olun. Cənab Sədr, hörmətli millət vəkilləri,  media nümayəndələri! Mən də qeyd etmək istəyirəm ki, doğrudan da, Milli Məclisdə Avronest Parlament Assambleyasının sessiyası yüksək səviyyədə keçirildi. Buna görə Oqtay müəllim, Sizə, Milli Məclisin rəhbərliyinə və Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan müəllimə öz minnətdarlığımı bildirirəm.  Milli Məclis nümayiş etdirdi ki, biz daha mötəbər tədbirləri  Azərbaycanda çox yüksək səviyyədə həyata keçirə bilərik. Ümumiyyətlə, Avronest-in sessiyasının nəticələrini də Azərbaycan üçün uğurlu hesab edirəm.
Mən, eyni zamanda, bir məsələyə də millət vəkillərinin diqqətini cəlb eləmək istəyirəm. Bu, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıda verdiyi bəyanatla bağlıdır. O yenə də çox yaramaz formada bəyan elədi ki, guya Dağlıq Qarabağla, Azərbaycanın işğal olunmuş torpaqları ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri artıq yerinə yetirilib və atəşkəsə nail olunub. Sanki BMT Təhlükəsizlik Şurasının qətnamələrində yalnız atəşkəsin əldə olunması ilə bağlı müddəalar olub. Mən hesab edirəm ki, Lavrov bununla bir daha göstərdi ki, Rusiyanın bu məsələdə vasitəçilik etməyə mənəvi haqqı yoxdur. Rusiya Ermənistanın müttəfiqidir və Ermənistanla birlikdə Azərbaycan torpaqlarını işğal eləyib.
Başqa bir məsələyə də diqqətinizi cəlb eləmək istəyirəm. Bu da onunla bağlıdır ki, biz bəzən hər hansı bir neqativ hadisənin  qarşısını almaq üçün  çox radikal addımlar atırıq.  Oqtay müəllim, bunlardan biri də tələbə köçürmələri ilə bağlıdır. Çoxlu sayda valideyn müraciət eləyir ki, bu və ya digər səbəblərdən onların uşaqları müxtəlif Avropa və MDB ölkələrində heç də Azərbaycandakı ali təhsil müəssisələrindən reytinqinə görə aşağı olmayan universitetlərdə təhsil alırlar. Ailə vəziyyətinə, bu və ya digər səbəblərə görə onlar Azərbaycan universitetlərinə köçürülmək istəyirlər, amma  Nazirlər Kabinetinin qərarı ilə hər hansı bir köçürülmə qadağan olunub. Əgər neqativ hallar varsa, buna fərdi yanaşıb onun qarşısını almaq lazımdır. Amma bütünlüklə  bu tipli köçürmələrin qadağan edilməsi yolverilməzdir. Bu məsələyə mütləq Milli Məclisin rəhbərliyi də münasibət bildirməli və biz  vətəndaşlarımızın hüquqlarını tapdalayan bu halı aradan qaldırmalıyıq. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Qüdrət müəllim, “Bizə bircə xal lazımdır” adlı bir tamaşa var. Orada rəhmətlik Bəşir Səfəroğlunun bir ifadəsi var idi:  “Yandıra-yandıra getdin”. İndi  bir gün “Fransa Minsk qrupunun üzvü olmalı deyil”, başqa bir gün “Rusiya Minsk qrupunun üzvü olmalı deyil” deyirsiniz. Sabah da deyəcəksiniz ki, Amerika olmalı deyil. Belə mövqe tutmaq bir az doğru deyil. Rusiya Minsk qrupunun həmsədrlərindən biridir. Bilirik ki, bu məsələlər çətin həll olunur, ancaq Rusiyanın  göstərdiyi səyləri də  nəzərə almaya bilmərik. Elə Rusiya Prezidentinin təşəbbüsü ilə  bu illər ərzində iki dövlət başçısı 10 dəfə görüşüb, müzakirə aparıblar. Bu səyləri nəzərə almamaq və ümumi  fikir söyləmək  düzgün yanaşma deyil. Zahid Oruc buyursun.
Z.Oruc. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli həmkarlar, mən də millət vəkillərinin Avronest ilə bağlı qeyd elədiyi fikirləri, mövqeləri bölüşürəm. Həqiqətən də, bu, bütövlükdə ölkəmiz üçün mühüm bir siyasi hadisə oldu, xüsusən Avropa–Azərbaycan münasibətləri kontekstində bu, yaxşı bir təqdimat idi.
O biri tərəfdən, cənab Prezidentin bu tədbirdə iştirakı və çox ciddi mesajlarla çıxışı Azərbaycanın həm Qarabağa, həm də Avropa ilə münasibətlərə dair çox mühüm mövqelərini sərgilədi. Nəzərə alaq ki, bu məsələləri Ermənistanla müqayisədə qətiyyən demək mümkün deyil. Heç bu müqayisəni eləmək də istəmirəm ki, Sarkisyan onların qarşısında nələri söyləyərdi.
İkinci, mən hörmətli həmkarım Qüdrət Həsənquliyevin fikirlərini davam etdirmək istəyirəm. Lavrovun səfəri, əlbəttə ki, bir neçə istiqamətdə önəm daşıyırdı. O bunu Bakıya gəlməzdən öncə müsahibəsində də söyləmişdi və Ermənistanda verdiyi bəyanatlar da diqqətçəkəndir. Mən istəyirəm ki, bu məsələdən parlament də öz çıxarışlarını eləsin.
Söhbət ondan gedir ki, Lavrov Ermənistanda sanki bir muştuluq xəbəri kimi bildirdi ki, Qarabağın taleyini, onun statusunu Qarabağ xalqı həll edəcəkdir. Hesab edirəm ki, bu mücərrəd anlayışdan çıxmaq üçün Azərbaycan parlamentinin üzərinə düşən ən mühüm vəzifələrdən biri  Qarabağ qanununu qəbul eləməkdir.
Bayaq müqayisənin qüsurlarından danışdım. Ermənilərin  əməllərindən də nümunə götürülməsinin əleyhinəyəm, amma Ermənistanda Qarabağ qanunu var. Onlar konstitusiyalarında Qarabağa dair hər hansı bir dövlətin nümayəndələrinin sənəd imzalamasını və buna bənzər addımları yasaq eləyən norma qoyublar, o cümlədən bununla bağlı əlavə qanun qəbul eləyiblər. Çox arzulayıram ki, Qarabağ qanunu elə belə də adlansın və bu öz-özlüyündə onların Dağlıq Qarabağa səfərlərini, Azərbaycanın tanımadığı şərtlərə dair hər bir məsələni və yaxud da onların iqtisadi əlaqələrini, Qarabağın özünü beynəlxalq subyekt kimi təqdim eləmək cəhdlərini  hüquqi şəkildə tənzimləsin.
Burada qeyd olunduğu kimi, o bəyan etdi ki, BMT-nin qətnamələri reallaşıbdır. Mənə elə gəlir ki, Lavrov bununla, sadəcə, atəşkəsi nəzərdə tutub. Nə yaxşı ki Elmar müəllim bu məsələyə aydınlıq gətirdi. Əgər Rusiyanın təsəvvürləri bundan ibarətdirsə ki, BMT-nin qətnamələri,  sadəcə, atəşkəs üçündür, çox səhvdir. Bu, Rusiyanın Qarabağ məsələsinə dair mövqeyinin Azərbaycanın maraqları ilə uzlaşmadığını göstərir.
Heç şübhəsiz, bu dövrdə o görüşlər çox önəmlidir. Barak Obamanın rəhbərliyi ilə də belə  5 görüş keçirilsəydi,  bu da bir beynəlxalq səy olardı.  Ancaq  məsələyə münasibətdə Rusiyanın həlledici addımlar atmaması da ortadadır. Ona görə də Azərbaycan–Rusiya münasibətləri Qarabağ üzərində qurulubdur.
Sədrlik edən. Zahid müəllim, gözəl təklif verirsiniz. Bir Qarabağ qanunu hazırlayın, verin, baxaq. 
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Hazırlayın, baxaq. İlyas İsmayılov.
İ.İsmayılov. Təşəkkür edirəm, cənab Sədr. Mən ilk öncə həmkarım hörmətli Siyavuş Novruzova təşəkkürümü bildirmək istəyirəm. Biz bir neçə dəfə  məsələ qaldırdıq ki, deputatların da qanunvericilik təşəbbüsü hüququ etiraf olunsun və bu, qanunvericilik işləri planında nəzərdə tutulsun. Amma bu nə nəzərdə tutulurdu, nə də bizə bir izahat verilirdi. Keçən iclasların birində Siyavuş müəllim bu məsələyə qarışdı. Yəqin ki, bu məsələ öz həllini tapar, çünki o kişi, sözün əsl mənasında, burada söz sahibidir.
Yeri gəlmişkən,  mən 2007-ci ildə İkili vətəndaşlıq haqqında qanun layihəsi vermişəm. Bu layihə Konstitusiyamızın 52-ci maddəsinin imperativ tələbindən doğur. Həmin maddədə birbaşa yazılıb ki, Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və Azərbaycan vətəndaşlarından doğulan çox sayda  insan dünyanın hər yerinə,  o cümlədən keçmiş SSRİ məkanına səpələnib. Çoxları da  yaşadığı ölkənin vətəndaşı olublar.  Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlunun dediyinə görə 700 min azərbaycanlı Rusiya vətəndaşlığını qəbul eləyib. Biz bu insanları mütləq hüquqi cəhətdən respublikamızla bağlamalıyıq. Bunun yolu da ikili vətəndaşlıqdan keçir.
Digər tərəfdən, hörmətli Prezident hər çıxışında deyir ki, Azərbaycan dünyada yaşayan 50 milyon azərbaycanlının vətənidir. Axı, vətəndaşlıqsız vətən ola bilməz. Ona görə, biz bunu qəbul etməliyik ki, həmin insanlar öz vətənlərinə maneəsiz gəlib-getsinlər və vətən qarşısında da öhdəlik qəbul eləsinlər.
İkinci, keçən ilin fevral ayında hörmətli Prezident Qazaxa səfəri zamanı korrupsiyaya qarşı ciddi mübarizə aparılmasından danışdı. Ondan sonra  təşkilati və başqa sahələrdə çox işlər görüldü. Eyni fikri dekabrın 31-də xalqa müraciətində də dedi. Mən elə hesab edirəm ki, biz də bundan nəticə çıxarmalıyıq. Mən də artıq  10 aydan çoxdur ki, vəzifəli şəxslərin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına görə cinayət məsuliyyətini nəzərdə tutan xüsusi qanunun qəbul olunması haqqında qanun layihəsi vermişəm. Elə hesab edirəm ki, biz onu da Prezidentin göstərişlərini nəzərə alaraq müzakirəyə  çıxarıb qəbul etməliyik. Bəzi adamlar deyirlər ki, belə bir ümumi qanun var. Amma xüsusi qanunun üstünlüyünü  yaxşı bilirsiniz və korrupsiyaya qarşı mübarizə aparan ölkələrin hamısında da bu qanun var. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm. Hörmətli Sədr, mən də deputat həmkarlarıma qoşularaq Sizə, Milli Məclisin Aparatına, parlament üzvlərinə Avronest Parlament Assamble-yasının sessiyasının burada yüksək səviyyədə  keçirilməsinə görə təşəkkürümü bildirirəm. Çox yüksək səviyyədə təşkilatçılıq işi göstərildi, aeroportdan başlamış sessiyanın sonuna qədər bütün məsələlər ölçülüb-biçildi. Azərbaycan elə bir nümunə göstərdi ki, gələcəkdə bu səviyyədə tədbirlər keçirmək üçün gərək ayrı-ayrı ölkələr çox böyük səylər göstərsinlər.
Bu bir daha göstərir ki, Azərbaycan dövləti, Azərbaycan Respublikasının Prezidenti ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin hamısına (idman yarışlarından tutmuş siyasi tədbirə qədər) yüksək səviyyədə hazırlaşır və dünyaya nümayiş etdirir ki, Azərbaycan azad, demokratik, müstəqil bir dövlətdir və burada bu cür tədbirləri keçirmək üçün şərait də, mühit də var.
Bəzi mətbuat orqanlarının  Azərbaycanda keçiriləcək növbəti böyük bir tədbirə – “Eurovision”a hər cür qara-yaxma atmasına baxmayaraq, avropalılar Azərbaycanda olan azad, ədalətli, demokratik mühiti  öz gözləri ilə  gördülər, şahid oldular. Bununla bağlı da bir sıra  bəyanatlar verdilər. Mən hesab edirəm ki, bu istiqamət davam etməli,  daha da genişlənməlidir. Biz artıq dünyaya Azərbaycan nümunəsinin öyrənilməsini göstərmişik və bundan sonra da göstərməliyik.
Burada hörmətli Fazil müəllim idmanla əlaqədar bir məsələyə toxundu. Bilirsiniz, klublar iki hissəyə bölünür: professional və həvəskar klublar. Azərbaycanda tikilən olimpiya kompleksləri 5–15 yaşındakı uşaqların buraxılması üçün nəzərdə tutulmayıb. Onlar olimpiya oyunlarında iştirak edəcək professional klubların  təlim-məşq toplanışı üçün nəzərdə tutulublar. Bunlar da yerlərdə keçirilir. Bizim regionlarda voleybol komandaları, ağırlıq qaldıranlar həmin olimpiya komplekslərində məşq edirlər. Ola bilər, məlumatları olmayıb, amma  bu proses gedir. O ki qaldı gənclərin idmanla kütləvi məşğul olmasına, bəli, bunlar üçün  hər kənddə,  qəsəbədə,  şəhərdə xüsusi seksiyalar olmalıdır. Olimpiya kompleksləri o seksiyalar üçün nəzərdə tutulan qurum deyil. Bu baxımdan, hesab edirəm, bu iş çox yaxşı gedir və biz olimpiadanın keçirilməsinə də iddialıyıq. Hesab edirik ki...  
Sədrlik edən. Çox sağ olun. Elman Məmmədov.
E.Məmmədov. Hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri! Bir-iki il bundan öncə ermənilər hay-küy qaldırmışdılar ki, guya Naxçıvanda onlara məxsus olan qəbiris-tanlıq dağıdılıb. Bizdə də bir təşviş yaranmışdı, hətta az qaldı Qurani-Kərimə and içək və yalvaraq ki, yox, biz belə bir iş görməmişik. Halbuki ermənilər işğal zonasında mindən çox Azərbaycan qəbiristanlığını dağıdıblar. Eyni zamanda, Ermənistanda olan qəbiristanlıqları da yerlə yeksan ediblər. Biz bəzən hər şeyi öz adı ilə səsləndirməkdən, elə bil ki, çəkinirik.
Cənab Prezident çıxışında fikrini çox dəqiq ifadə elədi; hələ bir az da yumşaq dedi. Məni və mənim kimi bir milyon insanı 20 ildir doğma yurd-yuvasından didərgin salan xalqa nə ad vermək olar? İşğal dövründə Xocalı, Qaradağlı soyqı-rımlarını, Meşəlidə və başqa kəndlərdə kütləvi qırğınları törədən bir xalqa nə ad vermək olar? 20 ildən çox bir müddət ərzində 4 mindən çox Azərbaycan vətəndaşını girov, əsir kimi gizləyib saxlayan bir millətə nə ad vermək olar? Özgə torpağına göz dikən, özününküləşdirməyə çalışan bir xalqa bundan başqa nə ad vermək olar? Onların əsl adı budur.
Bir xalqa ki Serj Sarkisyan və ətrafındakı hərbi canilər, cinayətkarlar, soyqırımlarda əli azərbaycanlıların qanına batmış insanlar rəhbərlik edir, onun adı elə faşist xalqdır.  Mən elə bunu demək istəyirdim. Sağ olun.
Sədrlik edən. Asim Mollazadə.
A.Mollazadə. Hörmətli millət vəkilləri, mən Azərbaycan parlamentinin bütün əməkdaşlarına minnətdarlığımı bildirmək istəyirəm.  Avronest Parlament Assambleyasının sessiyasının yüksək  səviyyədə keçirilməsində onların böyük əməkləri var. Milli Məclisin Aparatı,  Beynəlxalq münasibətlər şöbəsi, İşlər idarəsi  bu neçə gün ərzində  hər şeyi çox gözəl təşkil edərək Avropanın siyasi elitasında Azərbaycan barəsində çox müsbət təəssürat yaratdılar.  Hətta bədnam qonşumuzun təmsilçiləri artıq öz medialarında bu prosesin çox gözəl təşkil edildiyini vurğulamağa məcbur olublar. Mənə elə gəlir ki, burada parlamentin rolu çox böyük idi.
Faşist məsələsi burada bir neçə dəfə səsləndirildi. Bu cür cinayətləri törədənlərə bundan daha yumşaq ad tapmaq mümkün deyil. Lakin bir məsələyə ciddi ehtiyac var. Xocalıda hərbi cinayət törədənlər beynəlxalq tribunala cəlb olunmalıdırlar. Bu beynəlxalq tribunallar məhz beynəlxalq ictimaiyyətin hakimləri vasitəsilə buna öz hüquqi qiymətini verməlidir. Mənə elə gəlir ki, bu gün Azərbaycanın həm hüquq mühafizə orqanları, həm də  diplomatik korpusu bu məsələ ilə bağlı ciddi işlər görməlidir. Biz beynəlxalq tribunalın yaradılmasına çalışmalıyıq. İkinci dünya müharibəsindən, Balkan ölkələrində törədilən cinayətlərdən sonra müvafiq qərarlar qəbul olundu. Biz də dünyaya bu məsələ ilə bağlı ciddi müraciət eləməliyik. İstərdim ki, bizim parlament də bu məsələdə bilavasitə iştirak eləsin.  Xocalı soyqırımı ilə bağlı beynəlxalq tribunalın yaradılmasına  dəstək üçün bütün Avropa parlamentlərinə bizim xüsusi müraciətimiz olsa, bu, prosesə kömək edə bilər.
Bir məsələyə də toxunmaq istərdim. Hər zaman biz parlamentin iclasında təhsillə bağlı problemlərə toxunuruq. Ancaq  bu məsələdə parlamentin xalqın qarşısında böyük bir borcu var. Biz təhsil sistemində islahatların hüquqi bazasının yaradılmasında ciddi şəkildə gecikirik. Hər il  bizim iş planına  ali, orta, peşə təhsili haqqında qanun layihələri daxil edilir, lakin biz bunları müzakirə etmirik. Bu, qarşımızda duran təxirəsalınmaz məsələlərdən biridir.
Sədrlik edən. Sağ olun. Aqil Abbas.
A.Abbas. Hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri, əvvəla, mən nəyi demək istəyirəm. Keçirilən təd-birdə möhtərəm Prezidentimizin dediyi söz öz yerində, amma bu tədbirin bütün ağırlığı parlamentin,  şəxsən Oqtay müəllim, Sizin üstünüzə düşdü. Çox böyük əziyyət çəkdiniz. Dünyanın müxtəlif ölkələrindən 200 nəfər millət vəkili gəldi və Azərbaycan həqiqətlərini, Azərbaycanda nə var, onu gördü. Adətən, bizi eşitmirlər, amma bütün bunlara görə Sizə təşəkkür edirəm. Təbii ki, Elxan müəllimə də təşəkkür edirəm,  amma bütün əziyyət, əslində, Oqtay müəllim, Sizin üzərinizə düşmüşdü.
Mən bir məsələni də demək istəyirəm. Asim bəy indicə beynəlxalq tribunaldan danışdı, Allah qoysa, beynəlxalq tribunalı biz özümüz edəcəyik. Heç bir beynəlxalq tribunal olmayacaq, çünki  dünyada nə var, nə yox, bilirsiniz. Allah qoysa, biz özümüz qalib gələcəyik, tribunalı özümüz təşkil edəcəyik və onların  cəzasını da verəcəyik.
Sonra, burada Lavrovun sözünü dedilər. Lavrovun sözü  Quran ayəsi deyil.  Quran ayəsi bu millətin,  bu parlamentin, möhtərəm Prezidentimizin dediyi sözdür. Əstəğfürullah, yəni biz onunla işləyirik. Yoxsa Lavrov filan sözü dedi, ya demədi, nə oldu? Bir də, əsas nədir? Parlamentdə biz Avronest sessiyasını diqqətlə izləyirdik. Bolqarıstandan gələn deputat, – mən onların adlarını dəqiq bilmirəm, – Vigenin erməniləri işğalçı adlandırdı və dedi ki, siz başqa dövlətin ərazilərini işğal eləmisiniz. Hörmətli Oqtay müəllim, biz bu tədbirlərlə bunu qazanırıq. Bizim qazancımız, qələbəmiz budur. Yəni artıq dünya istədiyimizi deyir.
Bir də, qarşıdan böyük bir tədbir gəlir. Düzdür, içimizdə bu tədbirin əleyhinə olanlar var. Biz istəyirik, ölkəmizə insanlar gəlsinlər və bizim kimliyimizi görsünlər. Görsünlər ki, bizim qabiliyyətimiz budur. Bizim deputatları Ermənistanda saatlarla saxlamışdılar. Amma Ermənistandan gələn deputatlar küçələrə çıxdılar, gəzdilər və gördülər ki, Azərbaycan onların,  dünyanın dediyi kimi deyil. Heç kəs onlara güldən ağır söz demədi. Yəni demək istəyirəm ki, bu çox böyük tədbir idi və bunun ağırlığı da parlamentin,  şəxsən Sizin üstünüzə düşmüşdü. Öpürəm hamınızı, təşəkkür edirəm.  
Sədrlik edən. Sağ olun. Amma deyim ki,  Avropa Parla-mentindən 170 nümayəndə olub. Vigenin  avropalı olsa da, onda elə böyük ürək olmadı ki, çıxış eləyəndə Ermənistana işğalçı desin. Onu  Ukrayna adından çıxış edən Tarasyuk dedi. O, Ukraynanın Azərbaycanın  mövqeyini həmişə dəs-təklədiyini qeyd etdi və Ermənistanı işğalçı adlandırdı.
Fəzail İbrahimliyə də söz veririk, sonra gündəlikdəki məsələlərin müzakirəsinə keçirik. 
F.İbrahimli. Çox təşəkkür edirəm və bütün  fikirlərə qoşuluram. Bu tədbirin ən böyük siyasi cəhəti ondan ibarətdir ki,  bu gün Milli Məclis Azərbaycan dövlətinin apardığı xarici siyasətdə önəmli addımlar atır. Bu hadisə Azərbaycan parlamentinin xarici siyasi fəaliyyətinin əsas tərkib hissələrindən birinə çevrildi. Təkcə bunun siyasi tərəfi yox, faktiki tərəfi ondan ibarət oldu ki, bu parlament binasına girən dostlarımızın ürəyi böyükdür. Bizi sevməyən, Azərbaycan haqqında məkrli niyyətləri olan  insanlar isə bir daha dərk elədilər ki, Azərbaycanla üz-üzə qalmağın heç bir mənası yoxdur.
İkinci, “faşist” ifadəsi ilə bağlı deyilən şər, böhtana cavab olaraq  bildirmək istəyirəm ki, hər kəsi öz adı ilə adlandıranda, təbii ki, o inciməlidir. Bəşər tarixində soyqırımı – hər hansı bir zaman kəsiyində irqi, milli, dini əlamət üzrə müəyyən bir xalqın aradan çıxarılması, məhv edilməsi var. Bir də, soyqırımı siyasəti var. Niyə bunlar inciyirlər?  Soyqırımı siyasəti bəşər tarixində almanlar tərəfindən irəli sürülmüşdü. Bu, yer üzündən yəhidilərin silinməsi ilə əlaqədar idi. Ancaq faşistlərin arzuları ürəyində qaldı, müharibədə məğlub oldular və istədiklərinə nail ola bilmədilər. Amma ermənilər nəinki bir neçə il ərzində, iki əsrdən artıqdır, Azərbaycan xalqına qarşı soyqırımı siyasəti yeridirlər. Bu onların strateji kursudur. Ona görə də onların yeritdiyi bu siyasət faşizm siyasətindən daha ağır, daha qəddar, daha uzunmüddətlidir. Əgər faşist dövlətinin arxasında yalnız özü və ideologiyası dururdusa, faşist siyasəti yeridən bu dövlətin arxasında, çox təəssüf ki, dünyanın güclü dövlətləri durur. Ancaq Azərbaycanın  iqtisadi qüdrəti, dünya siyasətindəki rolu, dünyaya yeni libasda təqdimatı bu faşist ruhlu insanların Azərbaycana qarşı olan mərkli niyyətlərini ürəklərində qoyacaq. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Gündəlikdəki məsələlərin müzakirəsinə keçirik. Gündəliyin birinci məsələsi İsa Əli oğlu Nəcəfovun Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi haqqın-dadır. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, buyurun.
Ə.Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.
Çox sağ olun, hörmətli cənab Sədr. Cənab Sədr, Sizin qeyd etdiyiniz kimi, cənab Prezident tərəfindən Milli Məclisə İsa Əli oğlu Nəcəfovun Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunması ilə bağlı yenidən təqdimat daxil olmuşdur. Bu məsələyə bizim komitəmizdə baxılıb, müsbət rəy verilmişdir.
İsa müəllim Azərbaycan hüquq mühafizə orqanları sis-temində uzun illər şərəflə çalışmışdır. O, ölkənin Baş prokurorunun müavini kimi mötəbər bir vəzifədə işləmişdir. İsa müəllim hər zaman dövlətçiliyə sadiqliyi ilə fərqlənmişdir. Son 10 il ərzində o, eyni zamanda, Konstitusiya Məhkəməsinin hakimi vəzifəsini şərəflə icra edir.
Bildiyimiz kimi, “Konstitusiya Məhkəməsi haqqında”  yeni qanunun müddəalarına görə biz o müddəti  uzatmışıq. Əgər İsa müəllimə parlament tərəfindən də etimad göstərilərsə, o bundan sonra 15 il müddətinə Konstitusiya Məh-kəməsinin hakimi vəzifəsini daşıya biləcəkdir. Hesab edirəm ki,  həmkarlarım  bir daha İsa Nəcəfova  etimad göstərəcəklər və o, Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə seçiləcəkdir. Sağ olun.
Sədrlik edən. Əli müəllim dedi, İsa Nəcəfov çox təmkinli, ağır bir insandır, çox professional hüquqşünasdır. Bizim millət vəkillərinin hamısının ona böyük hörməti var, ona görə hamı təklif edir ki, bu məsələni səsə qoymaq lazımdır. Mən də hesab edirəm ki, İsa Nəcəfov yenidən Konstitusiya Məhkəməsinin üzvü seçilməlidir. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 12.42 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  102
Nəticə: Qəbul edildi

Sağ olun, qəbul edildi. İsa müəllim, Sizi təbrik edir, uğurlar arzulayırıq.
Gündəliyin ikinci məsələsi Azərbaycan Respublikası Hesablama Palatasının hesabatı haqqındadır. Buyurun, hörmətli Heydər Əsədov.
Heydər müəllim, mən bilirəm ki, imkan versəm, bir saat da danışacaqsınız. Ona görə soruşuram, neçə dəqiqə danışacaqsınız?
H.Əsədov, Azərbaycan Respublikası Hesablama Palata-sının sədri.
15 dəqiqə. Hörmətli Sədr, hörmətli millət vəkilləri, hörmətli qonaqlar! 2011-ci il ölkəmizin iqtisadi-siyasi həyatında uğurlu bir il olduğu kimi, Hesablama Palatasının da həyatında əlamətdar bir il olmuşdur. Hətta mən deyərdim ki, tarixi, yaddaqalan bir il olmuşdur. Belə ki, Hesablama Palatasının yaradılmasının 10 illiyi münasibətilə möhtərəm Prezidentimiz tərəfindən palatanın sədri 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, 6 əməkdaşı “Tərəqqi” medalı ilə, 10 əməkdaşı isə “Dövlət qulluğunda fərqlənmə”yə görə medalı ilə təltif edilmiş və eyni zamanda, palatanın sabiq sədri Prezident təqaüdünə layiq görülmüşdür. Fürsətdən istifadə edərək bizim kiçik əməyimizə göstərilən böyük qayğı üçün cənab Prezidentə öz adımdan, kollektivimiz adından dərin təşəkkürümüzü bildiririk və bu təltifləri özümüz üçün avans kimi qəbul edirik. Çalışacağıq ki, gələcək fəaliyyətimizdə bu təltifləri daha da doğruldaq.
Eyni zamanda, cənab Sədr, fəaliyyətimizi dəstəklədiyiniz üçün Sizə öz təşəkkürümüzü bildiririk. Verdikləri tövsiyələrə və tövsiyə xarakterli iradlara görə hər bir millət vəkilinə minnətdarlığımı bildirir və ayrı-ayrılıqda hər birinə ehtiramımı ifadə edirəm.
Hörmətli millət vəkilləri, bildiyiniz kimi, Hesablama Pa-latasının fəaliyyəti  hesabat ilindən əvvəlki ildəki büdcəyə, növbəti ildə büdcə layihəsinə  və eləcə də, bir il ərzində büdcəyə dəyişikliklər olduğu təqdirdə bu dəyişikliklərə rəy verməkdən ibarətdir. Bu rəy təqdim edilib və Milli Məclisdə bir neçə dəfə geniş müzakirə olunub. Mən bu barədə danışıb vaxtınızı almayacağam, çünki həmin rəylər Hesablama Palatasının saytında həm Azərbaycan, həm də ingilis dillərində yerləşdirilib.
Mən Hesablama Palatasının  funksional fəaliyyətinin əsas istiqaməti olan maliyyə-büdcə nəzarəti tədbirləri haqqında qısa məlumat vermək istərdim. Məsələyə iki aspektdən  –  kəmiyyət və keyfiyyət baxımından yanaşsaq,  Hesablama Palatası 2009-cu ildə 31, 2010-cu ildə  41, 2011-ci ildə isə 46 nəzarət tədbiri həyata keçirmişdir. Bu, sadəcə, məsələnin kəmiyyət tərəfidir.
İşin keyfiyyət tərəfinə gəldikdə isə deməliyəm ki, hörmətli millət vəkilləri bir neçə dəfə Hesablama Palatası tərəfindən keçirilən yoxlamalara böyük infrastruktur layihələrinin, dövlət zəmanətli kreditlərin, sənaye sahələrinin cəlb edilməsini tövsiyə etmişdilər. Palata hesabat ilində  öz fəaliyyətini bu istiqamətdə şaxələndirmiş və yalnız təhsil, səhiyyə, mədəniyyət ocaqları deyil, həmçinin enerji komp-leksi, dövlət zəmanətli kreditlər, bir neçə məxfi  sahə auditin predmeti olmuşdur.
Keçirilən audit tədbirinin hər biri haqqında sizə təqdim edilmiş hesabatda qısaca məlumat var. Əslində, o qısa məlumat auditin xarakterini, mahiyyətini açmağa imkan verir. Mən həmin tədbirlər haqqında ayrı-ayrılıqda əlavə məlumat vermək fikrində deyiləm. Sadəcə,  maliyyə sahəsində baş verən əməliyyatları yekunlaşdıraraq onu deyə bilərik ki, bir sıra xarakterik nöqsanlar hələ də təkrar olunur.
Hesabat ilində bizim  müşahidə etdiyimiz xarakterik nöqsanların əsasını ayrı-ayrı büdcə təşkilatları və kredit sərəncamçıları tərəfindən satınalma prosedurlarının bu və ya digər dərəcədə pozulması təşkil edir. Belə ki, bir sıra təşkilatlar müvafiq icra hakimiyyəti orqanlarına  əsassız  müraciət edərək bundan yayınmağa çalışıblar. Bir neçəsi satınalma tenderlərinin predmeti olan məbləği hissələrə bölüb kotirovkalar keçirib. Səriştəsiz təşkilatların bu prosesə cəlb olunması  hələ də müşahidə olunmaqdadır.
İkinci xarakterik nöqsan budur ki, investisiya sahəsində ehtimal olunan qiymətlərin düzgün hesablanmaması, bazis əmsallarının düzgün tərtib edilməməsi, bəzən smeta tərtib olunmadan, ən narahatedici fakt isə ekspert rəyi alınmadan infrastruktur layihələrinin icrasına başlanması hallarına təsadüf edilməkdədir.
Sonra, ən çox təsadüf edilən hal debitor borcların yaran-masıdır. İlk baxışda bu, sadə görünür. Əslində, debitor borclar o deməkdir ki, müəyyən dövrlərdə dövlət büdcəsinin vəsaiti əvəzsiz, faizsiz olaraq müəssisə və təşkilatların istifadəsinə verilmiş, onlar maliyyə resursları və ya  hesablarının olduğu bankın maliyyə resursları ilə təmin edilmişdir. Biz bu məsələləri də həmişə iş planımıza daxil edirik və bu sahədə  müəyyən nöqsanlar auditin predmeti olmuşdur.
Diqqəti cəlb edən faktorlardan biri də budur ki, müvafiq maliyyələşmələr əsasında əldə edilmiş əsas fondların, aktivlərin mədaxili prosesində bəzən təhvil verilməsi, bəzən də, ümumiyyətlə, uçota alınmaması hallarına hələ də təsadüf olunur.
Təhsil, səhiyyə sistemində isə artıq ştat saxlanması, tarif cədvəllərinin düzgün tətbiq edilməməsi faktorları bu gün də  bir sıra yerlərdə özünü göstərməkdədir. Yoxlamalar zamanı bəzi yerlərdə mal-material çatışmazlığı, digər yerlərdə əsas fondların uçota alınmaması, – mən bu cür halların hamısını sadalaya bilmərəm, – kimi nöqsanlar hələ də müəyyən edilir. Amma biz bunlara qarşı  qanunvericiliyin bizə verdiyi səlahiyyətlər daxilində müəyyən tədbirlər görürük. Tədbirlərin  prioritetini isə dəymiş ziyanın dövlət büdcəsinə bərpası təşkil edir.
Hesabat ili ərzində dediyim səbəblərdən dəymiş ziyanları ödəmək üçün müqəssir, günahkar şəxslərdən nağd qaydada (qismən hissəsi köçürmə yolu ilə) dövlət bank və kassa hesabına 1 milyon 70 min manat vəsait daxil edilmişdir. Keyfiyyətsiz yerinə yetirilmiş işlərə görə palata tərəfindən əlavə olaraq müşahidə qurularaq 700 min manatlıq  iş görülmüşdür. Çatışmayan, təhvil verilməyən  573 min manatlıq mal-material dəyərlərinin təhvil verilməsi və yaxud çatışmayan hissənin müqəssir şəxslər hesabına bərpa olunması təmin  edilmişdir.
Bu proses zamanı 810 min manatdan artıq  uçotdan yayındırılmış əsas vəsaitlərin  və 910 min manatlıq  mal-material dəyərlərinin uçota alınması təmin olunmuşdur. Bundan başqa, uçotdan yayındırılmış  512 min manat debitor borc uçota götürülmüşdür. Audit dövründə auditin nəticəsi üzrə tədbir görülənə qədər 13 milyon manatdan artıq debitor borc ləğv edilmişdir.
Bundan başqa,  yalnız hesabat ili ərzində müəssisə və təşkilatlarda 336,5 ştat vahidi ləğv olunmuşdur. Bu, sadə bir rəqəm deyil, orta səviyyəli iki nazirliyin aparat işçilərinin sayına bərabərdir. Yerlərdə  yoxlama zamanı 147 qrup  ləğv edilmişdir. Təbii ki, bunun nəticəsində aidiyyəti yerlərə müvafiq təqdimatlar göndərilmişdir. Milli Məclisə də hər bir auditin nəticəsi ilə bağlı məlumat verilmişdir. Bizim aldığımız məlumata görə son yoxlamalarımızın nəticələri bura daxil edilməyib.
Bizim təqdimatımız əsasında 25 nəfər vəzifəli şəxs işdən azad edilmiş, 7 nəfərə şiddətli töhmət, 43 nəfərə isə töhmət verilmişdir. 46 nəfər xəbərdarlıq almış, bir nəfər aşağı və-zifəyə keçirilmişdir. Eyni zamanda, Azərbaycan Respubli-kasının Baş Prokurorluğu ilə birgə apardığımız iki iş istintaqa göndərilmişdir. Daha iki iş ilə bağlı isə Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən cinayət işi açılmışdır. Bu kimi tədbirlər davam edib.
Amma mən burada bir məsələni xüsusilə vurğulamaq istəyirəm ki, çox vaxt təqdimatlara diqqət verilir və müqəssir şəxslərin cəzalandırılmasına rəhbərliklər tərəfindən səy göstərilir. Amma bəzi nazirlik, komitə, şirkət və digər kredit sərəncamçıları var ki, onlar kifayət qədər nöqsanlara yol vermiş şəxslər barəsində tədbir görmək istəmirlər. Biz belə təşkilatlarla bir neçə dəfə yazışmalar həyata keçirdik. Mənim onlarla şəxsən telefon danışıqlarım olub. Onlar mənə söz verirlər ki, bu nöqsanlar aradan qaldırılacaq və çox ciddi tədbirlər görüləcəkdir. Mən növbəti dəfə buradan xəbərdarlıq edirəm ki,  qanunun bizə verdiyi imkandan istifadə edərək onların maliyyələşmələrinin dayandırılması barədə Maliyyə Nazirliyi qarşısında məsələ qaldıracağıq. Təbii ki,  əmək haqqı, sosial xərclər istisna olunmaqla.
Hesablama Palatasının fəaliyyətinin növbəti istiqaməti qanunvericilik bazasının yaradılmasıdır. Böyük qanun-vericilik bazası yaratmışıq. 500-dən artıq kitab çap olunub.
Palata  beynəlxalq təşkilatlarla əməkdaşlığını artırır. Biz artıq Avropa Birliyi ilə ECOSAİ ilə əməkdaşlıq edirik. Onlar  bizimlə tanışlıqdan sonra 2 milyon dəyərində  qrant ayırmağı qərara alıblar.  Avropa  Birliyi də büdcəyə dəstək çərçivəsində Hesablama Palatasına sərbəst vəsait ayırmağa hazır olduğunu rəsmi şəkildə bildirib.
Palatanın fəaliyyətinin növbəti istiqaməti treninqlər, seminarların təşkili və potensialın yüksəldilməsidir. Hədəflərimiz nədən ibarətdir? Hədəflərimiz bundan sonra auditin daha da şaxələndirilməsini təmin etmək,  növünü dəyişməkdir. Yəni, sadəcə, maliyyə auditi deyil, artıq səmərəlilik auditinə, uyğunluq auditinə başlamaq gərəkdir. Bu nə deməkdir? Bu hər bir sahə üçün (təhsil, səhiyyə, kənd təsərrüfatı və sair)  səmərəliyin meyarını müəyyən edən göstəriciləri aşkarlamaqdır. Yalnız maliyyə təftişi deyil, eyni zamanda, alınmış vəsaitin müqabilində nə dərəcədə səmərəli işlərin görülməsi istiqamətində auditin fəaliyyətini genişləndirmək istəyirik. Bu, auditin beynəlxalq aləmdə yayılmış  növüdür. Son zamanlar biz Avropa Birliyi ilə  belə qərara gəlmişik ki, artıq   bu təftişləri, təhlilləri müəyyən proqramlar əsasında aparaq və onun nəticəsini insan faktoru olmadan ümumiləşdirilmiş göstəricilər əsasında verək.
Mən daha da geniş məlumat verə bilərdim. Hesab edirəm ki,  mən  palatanın fəaliyyəti haqqında qısaca da olsa, məlumat verdim. Sizi  əmin edirəm ki, bundan sonra da bu fəaliyyətin gücləndirilməsi, potensialın artırılması üçün əlimizdən gələni əsirgəməyəcəyik. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun, Heydər müəllim.
Biz bir prosedur qaydanı unutduq. Konstitusiya Məhkə-məsinin hakiminin  vaxtı uzadılmır, hər dəfə təyin olunur. Buna görə də Konstitusiya Məhkəməsinə hakim təyin olunan şəxs Milli Məclis qarşısında and içməlidir. İndi sizin icazənizlə, andiçmə mərasimini keçirək. Buyursun İsa Nəcəfov.
İ.Nəcəfov, Azərbaycan Respublikası Konstitusiya Məh-kəməsinin hakimi.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi səlahiyyətlərini şərəf və vicdanla yerinə yetirə-cəyimə, Azərbaycan Respublikası Konstitusiyasının aliliyini qoruyacağıma, baxacağım məsələləri müstəqil, qərəzsiz və ədalətlə həll edəcəyimə and içirəm.
Hörmətli deputatlar, mənə etimad göstərdiyinizə görə sizə çox minnətdaram. (Alqışlar.)
Sədrlik edən. Çox sağ olun, İsa müəllim. Sizi bir daha təbrik edir, işlərinizdə müvəffəqiyyətlər arzulayırıq. Hesablama Palatasının…
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Elmira xanım, buyurun.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən.  Hamınız səsə qoyun deyirdiniz, bir nəfərə söz verən kimi, maşallah, siyahı yazıldı. Buyurun.
E.Axundova. Hörmətli Sədr,  mənə söz verdiyinizə görə çox sağ olun. Bilirsiniz, mən rusdilliyəm, bu materialları yazmaq mənim üçün çətindir. Ona görə mənə hörmət edin, çünki mətnləri yazanda hamıdan çox əziyyət çəkirəm.
Hesablama Palatası  yaradıldığı gündən bu yana özünün peşəkarlıq səviyyəsini yüksələn xətt üzrə inkişaf etdirmiş, professional bir quruma çevrilməyi bacarmışdır. Bu qurum fəaliyyət göstərdiyi dövr ərzində  özünün təklif və tövsiyələri ilə ölkənin sosial-iqtisadi həyatında mühüm rol oynamış, digər dövlət orqanları ilə səmərəli əməkdaşlıq qura bilmiş, maliyyə-büdcə nəzarəti tədbirlərinin aparılması sahəsində fəaliyyətini genişləndirmiş və korrupsiyaya qarşı mübarizəni özünün prioritet vəzifəsi kimi müəyyən etmişdir.
Hesablama Palatasının əsas vəzifələrindən biri də dövlət vəsaitlərindən səmərəli istifadəni təmin etməkdir. Bunu Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilmiş təklif və tövsiyələrdə də görmək mümkündür. Mə-nim şəxsən diqqətimi cəlb edən məsələlər büdcə vəsaitindən nazirliklər tərəfindən bəzi hallarda səmərəsiz istifadə edilməsi, təhsil, səhiyyə, sosial təminat və bu kimi digər müəssisələrin avadanlıqla təchizatı məsələlərində yol verilən israfçılıq, süni yaradılmış iş saatı ilə əlaqədar müxtəlif dövlət müəssisələrində və peşə kurslarında əlavə əmək haqqı xərclərinin olması və sairdir. Hesabatda göstərilən bu və digər nöqsanlar onu deməyə əsas verir ki, Hesablama Palatası bütün dövlət qurumlarının fəaliyyətini şəxsi münasibətləri nəzərə almadan obyektiv şəkildə yoxlayır və öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlir.
Mənim bir neçə təklifim var. Məni düşündürən məsələ, əsasən, nədən ibarətdir? Dövlət proqramlarının və region-ların sosial-iqtisadi inkişafı layihələrinin vaxtında yerinə yetirilməməsi  halları müşahidə olunur. Bir məsələni qeyd edim. 2012-ci ilə kimi Masallı rayonunda çay plantasi-yalarının yaradılması və bu prosesin tam başa çatdırılması proqramlarda nəzərdə tutulmuşdur. Amma indiyə qədər Masallıda bir dənə də olsun çay kolu əkilməyib.
Digər bir məsələ rayon kəndlərinin qazlaşdırılması  ilə bağlıdır. Qeyd edim ki,  2011-ci ilin sonlarında qazlaşdırılmanın başa çatdırılması planlaşdırılan Masallı rayonunun bir sıra kəndlərində hələ də qaz yoxdur. Kənd məktəblərində də vəziyyət eyni şəkildədir. Belə ki, tikintisi və təmiri plana salınan bəzi məktəblər sonradan plandan çıxarılmış və ya  növbəti ilə keçirilmişdir. Yeni tikilmiş məktəblərin əksəriyyətində isə layihədə  nəzərdə tutulsa da, ya istilik sistemi, ümumiyyətlə, yoxdur, ya da  yenilənməyib. Məktəblərin qazlaşdırılması üçün texniki şərt alınmasında çətinlik var. Vəsait ayrılır, lakin reallıqda  kənd məktəblərində istilik sistemləri işləmir. İnanın, bu, valideynlər, şagirdlər və müəllimlər üçün çox böyük bir problemə çevrilməkdədir.
Dövlət proqramlarının və regionların sosial-iqtisadi inki-şafı layihələrinin belə yubanması  hökumətin həyata keçirdiyi böyük quruculuq işlərinin inkişaf dinamikasına mənfi təsir göstərir. Bu nöqsanları aradan qaldırmaq üçün Hesablama Palatası tərəfindən həmin proqram və layihələrə ayrılan vəsaitin daha səmərəli və vaxtında istifadəsinə nəzarətin bir qədər də artırılmasının zəruri olduğunu düşünürəm. Ümumiyyətlə, Hesablama Palatasının hesabatını yüksək qiymətləndirir və hamınızı ona səs verməyə çağırıram. Diqqətinizə görə çox sağ olun. 

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Sağ olun. İlyas müəllim, sualınız var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun.
İ.İsmayılov. Çox sağ olun, Ziyafət müəllim. Mən bu yaxınlarda qəzetdə oxudum ki, Fransanın keçmiş Prezidenti Jak Şirak hələ Parisin meri olan vaxt büdcə vəsaitindən təyinatı üzrə istifadə etmədiyinə, yəni siyasi məqsədlər üçün istifadə etdiyinə görə məhkəmə məsuliyyətinə cəlb olunub. Mən hörmətli Heydər müəllimdən soruşmaq istəyirəm ki,  Hesablama Palatasının yoxlamaları nəticəsində məhkəmə məsuliyyətinə cəlb edilən olubmu?
Sədrlik edən. Aydındır, sağ olun. Vahid Əhmədov.
V.Əhmədov. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli millət vəkilləri, hər il mart, aprel aylarında biz Hesablama Palatasının hesabatını dinləyirik. Hesabata fikir versəniz, görərsiniz ki, ildə 50-yə yaxın audit və analitik təhlil aparılıb. Heydər Əsədovu da,  onun komandasını da gözəl tanıyırıq. Bilirik ki, Hesablama Palatasında yüksək ixtisaslı mütəxəssislər çalışır və qanun çərçivəsində, onlara verdiyimiz səlahiyyət daxilində öz işlərini ləyaqətlə yerinə yetirirlər.
Burada müəyyən məsələlərdən danışmaq, bəzilərinə irad tutmaq olar. Amma mən belə hesab edirəm ki, Hesablama Palatasının gördüyü işləri yüksək qiymətləndirmək lazımdır, çünki dövlət büdcəsinə nəzarət formasını həyata keçirən orqanlardan biri məhz odur.
Bayaq Heydər Əsədov dövlət büdcəsinə əlavə vəsaitin daxil edilməsi, o cümlədən vakant yerlərin aradan qaldırılması barədə məlumat verdi. Bu kimi hallar bu günə qədər Azərbaycan iqtisadiyyatında  özünü göstərməkdədir. Mən bununla onu demək istəyirəm ki, Hesablama Palatası qanun çərçivəsində ona verilən səlahiyyətlərdən maksimum istifadə edir. Ona görə də Ziyafət müəllim, təklif edirəm, səsə qoyulsun və bu rəy qəbul edilsin. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Amma çıxış etmək istəyən-lər var, gəlin, yoldaşlara hörmət edək, onlar da danışsınlar. Ondan sonra səsə qoyarıq, darıxmayın. Fazil Mustafa.
F.Mustafa. Çox sağ olun. Mən hesab edirəm ki, reqlamentə görə hər bir millət vəkilinin gündəlikdə olan məsələlərlə bağlı çıxış eləmək hüququ var. Kim çıxış eləmək istəmirsə, öz iradəsini bildirib çıxış eləməyə bilər.   Ziyafət müəllim doğru söyləyir, başqalarının hüququna hörmətlə yanaşmaq lazımdır. Çünki bu, sıradan bir məsələ olsa idi, təbii ki, danışmamaq da olardı. Amma Hesablama Palatasının hesabatı ildə bir dəfə olur və buna münasibət bildirmək millət vəkillərinin həm də seçicilər qarşısında bir borcudur.
Mən hesab edirəm ki, Hesablama Palatası Azərbaycanda ən ağır vəzifəni icra edən bir qurumdur, çünki Azərbaycanda ən çətin iş hesablamaqdır. Həm məbləğlərin masştabı xeyli fərqlidir, həm də aydın olmayan elə bir qeyri-şəffaf mühit var ki, bu hesablama işinin yükünün altına girməkdən çətin şey yoxdur.
Rəy, məncə, kifayət qədər professional hazırlanıb. Üstüörtülü də olsa, kifayət qədər ciddi nöqsanlar burada yer alıb və göstərilib ki, bunlar ölkənin  maliyyə sektorunda, büdcə vəsaitlərinin xərclənməsində  ciddi problemlər yaradır. Məsələn, burada “Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsinin icrası haqqında” Qanunda və dövlət büdcəsinin icrasına dair illik hesabatda dövlət proqramları və tədbirlər üzrə ayrılmış vəsaitlərin icrasına dair məlumatlar yer almadığı üçün proqram və tədbirlərə dair təhlillərin müvafiq qurumlar tərəfindən təqdim olunmuş hesabat və məlumatlar əsasında aparıldığı göstərilir. Həqiqətən də, bu ən böyük nöqsanlardan biridir, çünki Nazirlər Kabinetinin hesabatı zamanı  biz söyləmişdik ki, Maliyyə Nazirliyinin təqdim etdiyi infrastruktur layihələri ilə bağlı siyahı  Nazirlər Kabinetinin qərarında nəzərdə tutulan siyahı ilə üst-üstə düşmür, fərqlənir. Bu, fərqlənirsə, deməli, qeyri-şəffaflığın bir əlamətidir.
Biz əgər tez-tez “dövlətçilik” sözünü işlədiriksə, ümumiyyətlə,  dövlətçilik baxımından  büdcə və digər sferalarda, həqiqətən də, ciddi bir dəqiqlik və nizam-intizam yaratmağa borcluyuq. Rəydə mənzil-kommunal təsərrüfatı ilə bağlı müxtəlif rayonlarda aparılan yoxlamaların nəticələri göstərilib. Mən hörmətli Heydər müəllimin diqqətinə çatdırmaq istəyirəm ki, biz 2009-cu ildə Mənzil Məcəlləsini qəbul etmişik. O Mənzil Məcəlləsinə görə bütün mənzil-istismar  sahələri ləğv olunub, amma 3 ildən artıqdır ki, bunlar qeyri-qanuni mövcuddurlar və onlara vəsait ayrılır. Ciddi  dövlətlərdə qanun qəbul olunandan sonra əgər hər hansı bir struktur ləğv olunmalıdırsa və o, ləğv olunmursa,  fəaliyyətini da-vam etdirirsə, büdcədən vəsait ayrılırsa, bunun izahını vermək olduqca çətindir və olduqca ciddi problemlər yarada bilər.
Mən diqqəti mülkiyyətçilərin hüquqlarının pozulmasına cəlb etmək istəyirəm. Tez-tez Azərbaycanın adı xaricdə hallanır. Çox vaxt biz  də düşürük QHT-lərin ayrı-ayrı rəhbərlərinin üstünə ki, hamınız qərəzlisiniz, filansınız. Amma insanların gözü kor deyil, hamı bilir ki, Azərbaycanda mülkiyyət toxunulmazlığı ilə bağlı ciddi problemlər var.
Məsələn, onun bir nümunəsini demək istəyirəm. Oğuz–Qəbələ–Bakı su kəməri istifadəyə verilib və çox yaxşı da bir layihədir. Amma bizə  rayonlardan çoxsaylı müraciətlər olub.  3 255 nəfərin mülkiyyət hüququ hələ də tanınmır. 5 ildən artıqdır ki, yazışırlar. Bildirirlər ki, kəmər onların torpaq sahələrindən keçib, onun əvəzində ya eyni məbləğdə, başqa bir daşınmaz əmlakla, torpaq sahələri ilə təmin olunmalıdırlar, ya da pul vəsaiti almalıdırlar. Bir ölkədə  vətəndaşın rifahı üçün müəyyən addımlar atırıq. Amma bunu vətəndaşın rifahını birbaşa pozaraq  atırıq. Bu məsələlərin əvvəl-axır həll olunmasına ehtiyac var,  çünki bunun məsuliyyəti dövlətin üzərindədir. Sifarişçi təşkilatlar bunu həll etmirsə, dövlət özü bu işə müdaxilə etməlidir.
Məncə, Hesablama Palatası da vətəndaşın marağının pozulduğu istiqamətlərə daha çox diqqət verməlidir. Həqiqətən, ekspert rəyi olmayan infrastruktur layihələrinin sayı-hesabı yoxdur. Böyük əksəriyyətində bu rəy ortalığa qoyulmadan qərar alınan kimi dərhal həyata keçirilir. Bu da sonradan yerlərin, tikililərin sürüşmə zonasında olub-olmaması, vətəndaşların yolunun kəsilib-kəsilməməsi və sair problemlər yaradır.
Vergi qanunvericiliyi ilə bağlı da, məncə, Hesablama Palatası  daha cəsarətli təkliflərlə çıxış etməlidir. Bakıda müəssisələrin, binaların  böyük əksəriyyətində yazılıb ki, icarəyə verilir. Heç kim vergi yükünün altından çıxa bilmir. O qədər qeyri-rəsmi və rəsmi yüklər qoyulub ki, artıq hər hansı bir sahədə sahibkarın dirçəlmək imkanı yoxdur. Bunu açıqca söyləmək lazımdır. Öz vətəndaşımızdır. Biz bacardıqca bunu stimullaşdırmalıyıq ki, insan 100, 200, 300 nəfərə çörək versin, iş  şəraiti yaratsın. Biz, əksinə, bütün vasitələrlə bunu sıxırıq, çünki Rəqabət Məcəlləsi qəbul olunmadı, rəqabət mexanizmi yoxdur. Mən istərdim ki, rəydə inhisarçılıqla bağlı münasibət  ortalığa qoyulsun. Əvvəl-axır bizim ölkədə  iqtisadiyyat qanuni çərçivəyə düşməlidir.
Strateji olmayan bütün sahələrin –  iynənin də, sapın da, hətta tumun da inhisara verilməsi ölkənin iqtisadi sistemini iflic edir. Bu sahədə artıq konkret addımların atılması, məncə, vacibdir.
Xidməti avtomobillərdən istifadə olunması məsələsi mətbuatda da qaldırıldı. Bu sahəyə də diqqət yetirmək lazımdır. Başqa ölkələrdə artıq bu məsələdə limitlər qoyulur. Məsələn, Gürcüstanda 15 min dollardan yuxarı qiymətə bunu almaq olmaz. Türkiyədə məsələ qaldırılır, ancaq özəl şirkətlərdən 5 illik icarəyə götürülür. 5 ildən sonra onu o şirkətlərə qaytarırsan. Millət vəkilləri  seçicilərlə görüş zamanı ancaq şəxsi avtomobillərindən istifadə edə bilərlər. İndi kimsə vəzifədədir, Allah ömürlərini uzun etsin, maşınları var, problemlərini müəssisənin hesabına həll edirlər. Bütün idarələrdə dövlət qurumları arasında rəqabət gedir ki,  kimin daha çox bahalı  maşını var. Bununla da cəmiyyətdə sosial ədalət anlayışı ortadan qalxır.
“Azərlotereya” ilə bağlı bir məsələyə diqqət yetirmək istəyirəm. Burada göstərilir ki, qərarlar səhmdarların ic-lasında deyil, idarə heyətinin iclasında qeyri-qanuni olaraq qəbul olunub. Guya bizdə səhmdarların iclasında nə isə qəbul olunur? Ya bir nəfərin, ya da idarə heyətindəki 2–3 nəfərin iradəsi ilə qərar qəbul olunur. Biz əgər gerçək bir kapitalist cəmiyyəti qurmaq, gerçək bir iqtisadi münasibətlər formalaşdırmaq istəyiriksə, qanuni məcrada bu, qərarla qəbul olunmalıdır.
Bu gün bankların böyük bir hissəsi təhlükə ilə üzləşib. Onlara dövlət dəstəyi verilməsə, əksəriyyəti qısa müddətdə bata bilər. Bu çox ciddi bir problemdir. Kreditlər məsələsinə Heydər müəllim çox yaxşı olaraq toxundu. Artıq ölkədə aşağı faizlə kredit verilməsi məsələsinə baxılmalıdır. Xaricdəki vəsaitlərin gətirilib sahibkara verilməsinin  bir az şəffaf yolunu tapmaq lazımdır ki, iqtisadiyyatımız dirçəlsin, kənd təsərrüfatımız Rusiyadan gələn 100, 200 dolların ümidinə qalmasın. Əksəriyyət işsiz,  imkansız, öz tarlasını əkib-becərə bilməyən bir vəziyyətdədir. Bunu hamı bilir. O baxımdan da Hesablama Palatasının səlahiyyətini bəlkə də başqa bir formada artırmalıyıq. Onsuz da millət vəkilləri qanunların icrasına  nəzarət etmək imkanına malik deyillər. Heç olmasa, bu qurum vasitəsi ilə ölkədəki  neqativ proseslərə təsir etmək imkanı olsun. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Fəzail Ağamalı.
F.Ağamalı. Təşəkkür edirəm. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Etiraf etməliyik ki, Hesablama Palatası vaxtilə diqqəti cəlb etməyən, sadəcə olaraq, bəzi rəqəmləri bir neçə vərəqə yazaraq bizə paylayan bir qurumdan yüksək səviyyəli, peşəkar keyfiyyətləri özündə ehtiva edən bir təsisata çevrilmişdir. Hesablama Palatası bu gün öz peşəkarlığı ilə fərqlənir. Hesablama Palatası audit yoxlamalarını obyektiv və prinsipial aparır, büdcə vəsaitinin təyinatı üzrə xərclənməsində yol verilən qanunsuzluqların aradan qaldırılması  məsələsinə xüsusi diqqət verir. Palata həm də konkret təkliflərlə çıxış edir,  ayrı-ayrı qurumlarla  öz işini davam etdirir. Palatanın fəaliyyətinin diqqəti cəlb edən  üstün cəhətlərindən biri də onun öz işini  aşkarlıq şəraitində qurmasıdır.
Çox yaxşı haldır ki, artıq Hesablama Palatasının beynəl-xalq əlaqələri də  genişlənir və bu,  hesabatın xüsusi bir bölməsində öz ifadəsini tapmışdır. Palatanın həyata keçirdiyi tədbirlər, şübhəsiz ki, büdcə vəsaitinə qənaət edilməsində, vəsaitin təyinatının yayındırılmasının qarşısının alınmasında, dövlət əmlakından  səmərəli istifadə edilməsində əhəmiyyətli rol oynamışdır. İstər hesabatın özü, istərsə də  Hesablama Palatasının sədri hörmətli Heydər Əsədovun lakonik şəkildə vermiş olduğu məlumat belə bir nəticəyə gəlməyə əsas verir ki, ötən il Hesablama Palatası öz işini yüksək səviyyədə qurmuşdur. Ona görə  mən də o təkliflə razıyam ki, səsə qoyaq və Hesablama Palatasının illik fəaliyyətinə öz müsbət münasibətimizi bildirək. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Çox maraqlıdır, hamı çıxış edir, amma sonra deyir ki, səsə qoyaq. Səsə qoyacağıq da. Bunu çıxış etməmişdən əvvəl deyin də. Sizdən sonra yazılanlar var. Məsələn, Zahid Oruc var, mən  ona necə söz verməyim, Fəzail müəllim? Sizin müavininizdir. Buyurun, Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm. Hörmətli Ziyafət müəllim, hörmətli deputatlar! Mən ötən il müzakirələrdə səsləndirdiyim fikrə bir daha qayıtmaq istəyirəm.  Milli Məclisin  Hesablama Palatası vasitəsi ilə büdcə  vəsaitlərinin xərclənməsinə yeganə nəzarət funksiyası var. Bir sıra hallarda parlamentin hakimiyyət qolu kimi çəkisindən, millət vəkillərinin hökumətin fəaliyyətinə nəzarətindən geniş şəkildə bəhs olunur. Bu, cəmiyyətdə də müzakirə olunur, media da bununla bağlı geniş şəkildə təhlillər aparır. Düşünürəm ki, bu gün biz qəbul etdiyimiz büdcənin ayrı-ayrı funksiyalarının təsnifat üzrə necə yerinə yetirilməsinin əyani şahidi oluruq.
Bəli, mən həmkarlarımın mövqeyi ilə bölüşürəm ki, həqiqətən də, Heydər müəllimin bu sahəyə rəhbər  gətirilməsi, onun komandasının kifayət qədər peşəkarlardan iba-rət olması ilə bu prosesin ən yüksək səviyyədə həyata keçirilməsi mümkün oldu. Parlament üzvləri, hətta  iqtisadi sferaya yaxınlığı olmayan insanlar da ayrı-ayrı sahələrdə gedən prosesləri daha əyani şəkildə görmək imkanı əldə etdilər. 
Bu hesabat bir neçə nəticəyə gəlməyə imkan verir. Heç şübhəsiz ki, harada audit yoxlaması aparılıbsa, orada çox böyük çatışmazlıqlar, nöqsanlar və  bir sıra hallarda ci-nayətlər aşkarlanıb. Demək olar ki, dövlət əmlakına münasibətdə qeyri-qanuni davranışlar, şişirdilmiş rəqəmlər, təyinatdan kənara yönləndirmələr,  ştat sayının artırılması və sair kimi  nöqsanlar burada əksini tapıbdır. Zənn edirəm ki, yoxlama aparılmayan yerlərdə də eyni mənzərədir. Bu  öz-özlüyündə onu deməyə əsas verir ki, həqiqətən də, büdcə vəsaitlərinin mənimsənilməsi xeyli dərəcədə kütləvi hal daşıyır və bu, qətiyyən gizlədilə bilməz. Bu hesabatda da dəfələrlə ayrı-ayrı yerlərdə vəsaitlərin geri qaytarılmasının təmin olunduğu birmənalı göstərilibdir.
Mən amma bu problemlər sırasında diqqətinizi iki amilə, iki tendensiyaya yönəltmək istəyirəm. Onun biri tenderlər məsələsidir. Baxmayaraq ki bu sahə ilə bağlı qanunlar var, amma reallıqda bu sistem yaxşı işləmir, əslində, çox pis işləyir. Beləliklə, hər nazirliyin və yaxud  qurumun  tenderi öz bildiyi qaydada keçirməsi ilə qeyri-şəffaflıq başlayır. Vəsaitləri orada axtarmaq lazımdır.
İkinci məsələ şişirdilmiş rəqəmlər, proqnozlaşdırmanın düzgün aparılmaması ilə bağlıdır. Elə zənn edirəm ki, bununla bağlı xüsusi institutlar yaradılmalıdır. Hörmətli Hey-dər müəllim də vaxtilə maliyyə nazirinin müavini olub, bilir ki, bu məsələ elə ilkin dövrdə büdcə sənədlərinin qəbul olunmasından başlayır. Cənab Prezident də zamanında bu məsələyə toxunmuşdu. Düşünürəm ki, bu ən ciddi problemlər sırasında qeyd olunmalıdır.
Biz bu hesabatı  qəbul edərkən, ona səs verərkən nəzərə almalıyıq ki, bu  həm də hökumət strukturlarının  fəaliyyətinə qənaətbəxş, qeyri-qənaətbəxş  qiymət verməyimizdir. Düzdür, konkret götürsək, burada bir məktəbin, ya da bir idman idarəsinin yoxlanmasından  söhbət açılıbdır. Amma başqa qurumlarda mənzərə  fərqlidirmi? Ona görə də mən elə hesab edirəm ki, hökumətin şəffaf fəaliyyətinin ən mü-hüm sənədini Hesablama Palatası təqdim edir. Biz buna çox ciddi yanaşmalıyıq.
Əlbəttə, hər bir parlament üzvü öz çıxışını özü müəyyən-ləşdirir. Amma  bu məsələ ilə bağlı yazılanların azlığı hə-mişə məni təəccübləndirib. Başqa məsələlərdə çıxış etmə-mək olar, amma Hesablama Palatası parlamentin yeganə mexanizmidir ki,  özünün qəbul etdiyi qanunlara riayət etsin. Bununla bərabər,  çox istərdim ki, uzun illər audit yoxlamasından kənarda qalan  sahələr bura cəlb olunsun. Məsələn, hərbi sferanı deyə bilərəm. Mən Heydər müəllimin bu məsələ ilə bağlı mövqeyini bilirəm. Çox arzulayıram ki, ayrı-ayrı hissələrdə özbaşınalıqlar, mənimsənilmələr, əsgər vəsaitinə və onun qidasına əl uzatma Ali baş komandana məruzə olunsun. Özü də bu yoxlamalar ən yüksək səviyyədə aparılsın. Bu bizim xeyrimizədir. Harada o cür mənimsəmələr varsa, bu, erməninin xeyrinədir.  
Digər məsələ mülkiyyətdən köçürmələrlə bağlıdır. Bu da ciddi problemlər sırasındadır. Vəsait haradan alınır, hansı meyarlarla müəyyənləşir? Köçürmələrdə haqqı pozulan insanların vəsaitlərlə bağlı açdığı dava məhkəmədən  keç-mirsə, bu halda onun ağırlığının dövlətin üzərinə düşməsinin məsuliyyətini kim daşıyır?  Evsiz qalanların məsuliyyətini kim daşıyır? Bu da o vəsaitlərin yönləndirilməsində  ciddi problemlərin olduğunu sübut edir.
Sonuncu deyəcəyim məsələ səhmdarlarla əlaqədardır. Həqiqətən də, bu sahədə ciddi problemlər var. Elə zənn edirəm ki, qarşıdakı dönəmdə bu sahə ilə bağlı ciddi audit yoxlamaları aparılmalıdır, çünki səhmdarlar  ölkənin iqtisadi həyatında mühüm rol oynayırlar. Amma bir sıra hallarda onların səhmlərinə heç baxan yoxdur. Bu, parlamentin yeganə bir təsir  yeri olardı ki, bu vasitə ilə  prosesə istiqamət vermiş olsun. Bütövlükdə götürdükdə mən Hesablama Palatasının işini yüksək qiymətləndirirəm və hesabata səs verəcəyəm. Sağ olun.  

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini  B.Muradova  sədrlik edir

Sədrlik edən. Sağ olun, Zahid müəllim. Mən Sizin söylədiyiniz bir fikrə münasibət bildirmək istəyirəm. Düşünmürəm ki, Hesablama Palatasının hesabatları burada müzakirə olunanda millət vəkilləri  nə isə laqeydlik, biganəlik göstərirlər. Əksinə, çıxışların hər birinin məzmununda ifadə olunur ki, Hesablama Palatası işini günün tələbləri səviyyəsində qurmağı bacaran bir quruma çevrilməkdədir. Onun apardığı  audit yoxlamalarının nəticələrinin Milli Məclisə təqdim olunması bizim bir çoxumuzu qane edir. Millət vəkillərinin bu məsələlərə  sizin gözünüzdə  bir az laqeyd kimi görünmələrinin əsas səbəbi ondan ibarətdir ki, onların bu quruma böyük etimadı var. Mən şəxsən bunu belə dəyərləndirərdim.  Fəzail İbrahimli, buyurun.
F.İbrahimli. Çox təşəkkür edirəm, Bahar xanım. Mən Sizin dediyiniz fikrə tamamilə şərikəm. Hesablama Palatasının bu gün təqdim etdiyi hesabat kifayət qədər ciddi, elmi cəhətdən əsaslandırılmış, nəzəri cəhətdən yetkindir. İstər Heydər müəllimin təqdimatında, istərsə də hesabatda diqqəti çəkən məqamlar nədən ibarətdir? Birinci, hesabatı vərəqləyən, baxan yox, oxuyan hər bir kəs görür ki, burada çox böyük məsuliyyət var. Məsuliyyət dövlət, Milli Məclis, cəmiyyət qarşısındadır.  Ən əsası isə bu, təşkilatın özünə, rəhbərliyin bu prosesə münasibətini ifadə edən məqamdır. Ona görə də mən hesab edirəm, çox böyük zəhmət çəkilib.
Mən Heydər Əsədovun işinə  içimdə elə də qibtə et-mirəm. Təsəvvür edin ki, bu yoxlamaları aparmaq, kiminsə səlahiyyət dairələrinə nüfuz etmək, kimisə özündən incitmək nə deməkdir və mən əminəm ki, sağdan, soldan kifayət qədər maneçiliklər var. Amma burada şəxsi cəsarət, bu məsələlərin qarşısında durmaq var. Ona görə bu məsələlər Milli Məclisə çıxarılanda ən aşağısı zəhmətin qiyməti verilməlidir. O mənada güman edirəm ki, bu deyilənlərin hər biri  millət vəkillərinin ürəyindən gələn sözlərdir və mən də bunlara qoşuluram. 
Mənim yadımdadır, əvvəllər Hesablama Palatasının bir hesabatına qiymət vermişdim. Bahar xanım, Siz də orada oturmuşdunuz. Dedim ki, özgəsinə yazdırılmış və 3-ə layiq bir kurs işi kimi qəbul etmək olar. Amma indi bunun elmi tərəfinə fikir verin. Bir giriş yaz, bir nəticə yaz, bir ədəbiyyat siyahısı yaz  –  elmlər namizədi səviyyəsində bir işdir. 199 səhifədir. Diqqətçəkən ən əsas cəhət ondan ibarətdir ki, burada fəaliyyətin bütün sahələri öz əksini tapıb. Məsələn, 21 kollegiya iclası, 79 məsələ üzrə qərar (bu qərarların qəbul edilməsi kifayət qədər cəsarət tələb edir), 846  ünvana məktub, hələ audit yoxlamalarından kənar görülən işlər – bütün bunlar artıq fəaliyyətin istiqamətini müəyyən edir.
Qaldı audit yoxlamaları. İnanın, mən bu hesabatı oxuyanda elə bil, direktiv bir əsər oxuyurdum. Amma oxuyarkən içimdən bir hiss keçirdi ki,  görəsən, bir qüsursuz müəssisə, təşkilat olacaqmı? Qeyd olunacaqmı ki, bu, nümunəvi bir təşkilatdır, auditin nəticələri tamamilə rəvandır. Çox təəssüf ki, bunu görmədim. O mənada yox ki, Hesablama Palatası bunu belə ifadə etmədi. Yoxlanılan bütün təşkilatlarda forma müxtəlifdir, məzmun və mahiyyət eynidir. Dövlət büdcəsinə əl uzatmaq, səlahiyyət həddini aşmaq, əlavə ştatlardan istifadə etmək və sair. Amma maraqlı cəhət ondan ibarətdir ki, yoxlanılan məsələlərin hər birinin üzərində Hesablama Palatası axıra qədər durur.  Sadəcə, yoxlamaq, qüsurları aşkar etmək və Milli Məclisdə hesabat verməklə Hesablama Palatasının missiyası  bitmir, bunun nəticələri barədə də tələblər ortalığa qoyulur.
Bunların içərisində məni ən çox kövrəldən nə oldu, Heydər müəllim? “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi. Deməli, bu, qoruqçudur da, buranı qoruyur. Amma “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunu qoruyub, nəfsini qoruya bilməyib. Ən çox təəssüf doğuran bu oldu. Sənə ümid ediblər, amma sən öz nəfsini qoruya bilmirsən, bu qoruğu necə qoruya bilərsən?
Bunlardan əlavə, ən maraqlı məqamlardan biri palatanın ekspert-analitik fəaliyyəti ilə bağlıdır. Burada audit yox-lamalarından fərqli  addımlar atılır, amma mənzərə tamamilə eyni görünür. Məhz bu audit yoxlamaları, analitik təhlillər bir daha hər bir müəssisənin qarşısında məsuliyyət qoyur və  güman edirəm ki, növbəti mərhələ üçün düzgün nəticələrdir.
Son olaraq təkliflərlə çıxış edilir. Sadəcə, yoxlamalar qurtardı, hər şey bitdi, biz missiyamızı yerinə yetirdik yox, ciddi təhlillərdən sonra təkliflərlə Nazirlər Kabinetinə müraciət olunur. Keçən hesabatda verilən 17 təklifdən 15-i qə-bul olunub. Həyati, zəruri məsələlərdə palatanın nüfuzunu ifadə eləyən məqamdır. Bu il isə 20 təklif var. Bu təkliflərin hər birinə diqqət yetirdikdə görürük ki, ən həssas sahələrə,  dövlət büdcəsinə əl uzadılmasına, gördüyümüz işlərə kölgə salan məqamlara diqqət yetirilir. Güman edirəm ki, bu təkliflərin hər biri Nazirlər Kabineti tərəfindən qəbul olu-nacaq. Hesablama Palatasının işinə uğurlar arzu edirəm. Öz işini bilən, öz yerində oturan hər bir kəsin əməyi Hesablama Palatasının məhz bugünkü hesabatı kimi təsir bağışlayır. Mən Hesablama Palatasının hesabatına səs verəcəyəm. Sağ olun.
Sədrlik edən. Sağ olun, Fəzail müəllim. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Sağ olun, Bahar xanım. Mənim bir neçə qısa təkliflə çıxış etmək fikrim var. Bilirsiniz ki, Azərbaycan mətbuatında, ictimaiyyət arasında geniş fikir yayılıb ki, büdcə vəsaitləri səmərəli xərclənmir. Bəzən dövlət sifarişləri ilə obyektlərin tikintisində, təmir-tikinti işlərinin, yol çəkilişlərinin aparılmasında xərclər həddindən artıq  şişirdilir  və büdcə vəsaitləri mənimsənilir.
Hesablama Palatası əvvəlcə iş planı tərtib edir və bu iş planına müvafiq olaraq auditlər keçirir. Bu belə olmamalıdır. Hesablama Palatasının imkanı olmalıdır ki, mətbuatda gedən bəzən əsaslı, bəzən də əsassız  yazılarla əlaqədar olaraq dərhal həmin yerlərdə yoxlamalara başlasın və ictimaiyyəti məlumatlandırsın. Bu, ictimai rəyə və  Azərbaycan jurnalistikasına hörmətdir. Ən başlıcası isə bu cür operativ yanaşma olarsa, mən hesab edirəm ki, Hesablama Palatasının  işi həm də ölkədə bəzən əsassız yaradılan gərginliyin aradan qaldırılmasına xidmət eləyə bilər. Dövlətin mənafeyi, maraqları da bunu tələb edir. Sözsüz ki, vəsaiti mənimsəyən şəxslərin məsuliyyətə cəlb olunması üçün də müvafiq addımlar atıla bilər. Amma çox təəssüf ki, bəzən aylarla, hətta illərlə mətbuatda bu və ya digər məsələlərlə əlaqədar yazılar gedir və o yazıların nəticəsi olaraq müvafiq qurumlar tərəfindən ictimaiyyətə məlumat verilmir.
Hesablama Palatasının mətbuatla da işinin düzgün qurulmasına  böyük ehtiyac var. Hesablama Palatası əgər parlamentə ildə bir dəfə hesabat verirsə, mən hesab edirəm ki, ictimaiyyəti mütəmadi olaraq, hər bir yoxlamanın  nəticəsindən sonra  məlumatlandırmalıdır.  Bu təqdirdə insanlarda belə fikir yaranar ki, Hesablama Palatası büdcə vəsaitlərinin xərclənməsinə nəzarət eləyən bir qurum kimi ictimaiyyətdən gələn təklifləri, narahatçılıqları diqqətlə öyrənir, araşdırır və hər bir hadisə ilə bağlı ictimaiyyəti məlumatlandırır. Yalnız bu təqdirdə Hesablama Palatasının fəaliyyəti daha effektli və dövlət üçün daha faydalı olar. Bu, sadəcə, mənim söyləyəcəyim təkliflər idi. Sağ olun.
Sədrlik edən. Təşəkkür edirəm, Qüdrət müəllim. Mən hesab edirəm ki, mətbuatda gedən yazıları,  ictimai rəyi nəzərə almaq, bu və ya digər məsələ ətrafında yaradılmış ajiotajı aradan qaldırmaq ilk növbədə haqqında söhbət gedən qurumların işidir. Onların mətbuat xidməti var,  ictimaiyyətlə əlaqələr üzrə qurumları var. Bu qurumlar maraqlı olmalıdırlar ki, onların haqqında yanlış məlumatlar yayılmasın. Hesablama Palatasının sədri də, işçiləri də buradadırlar. Əlbəttə, onlar bununla əlaqədar öz mövqelərini ifadə edəcəklər. Amma mən istəməzdim, belə bir rəy formalaşsın ki, bu qurumların ictimaiyyətlə əlaqələrini yerinə yetirmək funksiyası da Hesablama Palatasının üzərinə qoyulmalıdır. Onların işi onsuz da ağırdır. Bir qurumda aparılan audit yoxlaması digər qurumlarda da eyni nöqsanlara görə məsuliyyət hissini artırmalıdır. Hər qurum yoxlanılandan sonra Hesablama Palatası ictimaiyyətə məlumat verməyi öz vəzifəsi hesab etməli deyil. Bir qurumda aparılan yoxlama bənzər qurumlardakı oxşar vəziyyətlərə də münasibət deməkdir. Bu mənim şəxsi fikrimdir. Çingiz Qənizadə.
Ç.Qənizadə. Təşəkkür edirəm. Hörmətli həmkarlar, mən  Hesablama Palatasının bizə təqdim etdiyi 199 səhifəlik hesabatı oxuyarkən belə qənaətə gəlirəm ki, bu işin öhdəsindən gəlmək yüksək peşəkarlıq, səbir və obyektivlik tələb edir və bu yoxlamaları, doğrudan da, yüksək ixtisaslı mütəxəssislər aparmışlar. Hesablama Palatasının beynəlxalq tədbirlərdə iştirakı, beynəlxalq müqavilələrə imza atması onun inkişafının  daha bir təzahürüdür və mən də digər həmkarlarım kimi, təbii ki, buna müsbət səs verəcəyəm.
Amma burada bəzi məqamlar var ki, onlara toxunmaya bilmərəm. Əvvəla, qeyd edim ki, bu yay deputat seçildiyim İmişli-Beyləqan seçki dairəsində 420 nəfər işçisi olan və açılışında cənab Prezidentin iştirak edəcəyi bir müəssisənin işığı qeyri-qanuni kəsilmişdi. Bununla bağlı dəfələrlə “Azərenerji” Səhmdar Cəmiyyətinin rəhbərliyinə məktub göndərsəm də, hətta ora gedib, görüş keçirib o məsələnin müsbət həllinə nail olmağa cəhd etsəm də, şəxsən Etibar Pirverdiyevin qanunsuz tapşırığı  və marağı nəticəsində bu məsələ öz həllini tapmırdı. Mən məcbur olub cənab Prezidentə rəsmi məktubla müraciət etdim və bundan sonra məsələ həll olundu.
Mən niyə bunu xatırladıram. Bir neçə gün bundan öncə rəsmi tədbirlərin birində gördüm ki, Etibar Pirverdiyev məndən digər vəzifəli şəxslərə müəyyən narazılıqlar edir. Mən ona görə bu hesabatın məhz “Azərenerji” ilə bağlı hissəsinə baxdım ki, görüm bu adamın əməlində başqa qanunazidd hərəkətlər də var, yoxsa bu, sadəcə olaraq, bir epizoddur.
Ola bilər ki, bəzi həmkarlarım bu hesabatı tam oxumayıblar. Hesabatın 124-cü səhifəsinə diqqət yetirək. Burada Bala Bəhmənli kənd ərazisində tikilməsi nəzərdə tutulan su-elektrik stansiyasından söhbət gedir. Qeyd olunur ki, layihə Çin Xalq Respublikasının hansısa təşkilatı tərəfindən hazırlansa da,  müqavilə “Azenko” ASC ilə bağlanıb. Audit yoxlaması zamanı məlum olub ki, burada dövlət əsaslı vəsait qoyuluşundan artıq vəsait xərclənmiş, müqavilənin şərtlərində podratçı tərəfindən görülmüş işlər barədə rüblük hesabatların və aylıq işlərin qəbulu aktlarının tərtib edilərək sifarişçiyə təqdim olunması müəyyən edilsə də, müqavilənin icra müddətində ancaq işin təhvil aktı verilməklə bir akt tərtib olunmuşdur. Bu aktdan da məlum olur ki, göstərilən məbləğin 75 faizi anbarda qalan avadanlıqlardan ibarətdir.
Qeyd olunur ki, “Azərenerji” həmin işin 20 ay müd-dətində başa çatdırılmasını nəzərdə tutan müqavilənin başa çatmasına bir ay qalmış heç bir səbəb olmadan “Azenko” ilə müqavilənin icrasını daha 15 ay uzadaraq  işin həcminin qiymətləndirilməsi cədvəlində avadanlıqların siyahısı, miqdarı və vahidinin qiyməti barədə məlumatları göstərmə-miş,  qanunvericiliyin tələblərini pozmuş və göstərilən iş üçün əlavə pullar ayırmışdır. Sual olunur, 20 aya başa çatdırılmalı olan bir layihənin başa çatmasına bir ay qalmış icra müddətinin 15 ay artırılması kimə və nəyə xidmət edir? Belə hallar cənab Prezidentin regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğıya, bu sahədə müəyyən qurumlara ayrılan pulların düzgün xərcləndiyinə, qoyulan müddətlərə əməl olunduğuna inamın azalmasına və nəticədə insanların bu problemlərlə üzləşərək hökumətdən narazı qalmasına səbəb olur.
Başqa bir misal çəkmək istəyirəm. Tender proseduru ke-çirilmədən “Azərenerji” yenə də “Azenko” ilə 10 kiçik su-elektrik stansiyasının tikintisi üzrə birbaşa müqavilə bağlayır. Müqavilədə 2011-ci il dekabrın 30-dək on müəssisənin açılışı nəzərdə tutulsa da, həmin tarixədək on rayon əvəzinə cəmi üç rayonda işlərin ancaq 11 faizi yerinə yetirilib. Yeddi rayondan ümumiyyətlə söhbət getmir, üç rayonda isə işlər 11 faiz  yerinə yetirilib. Buna görə kim məsuliyyət daşımalıdır?
Mən başqa misallar da göstərə bilərəm. Burada çoxsaylı misallar var. Sonda göstərilir ki, Hesablama Palatası kolle-giyasının qərarı “Azərenerji”yə göndərilib. Kimdən kimə şikayət olunur? Bu, Respublika Prokurorluğuna göndəril-məli idi. Burada milyonlardan söhbət gedir. Biz bir bələdiy-yə sədrini 1000 manata görə, bir həkimi 300 manata görə tutmuşuq. Burada isə milyonlardan söhbət gedir. “Azər-enerji”nin fəaliyyəti prokurorluğa göndərilməli olduğu halda göndərilmir. Maraqlıdır, yoxlama keçirdiyiniz başqa yerlərdən sizə cavab verilir ki, bu yoxlamaların nəticələrinə görə hansı tədbirlər görülüb, amma burada o da yoxdur, sadəcə olaraq, Hesablama Palatası kollegiyasının qərarı “Azərenerji”yə göndərilmişdir.
Mən elə hesab edirəm ki, məhz Etibar Pirverdiyevin “Azenko” ilə əməkdaşlığının nəticəsidir ki, iqtisadiyyatımı-za bu cür ziyanlar vurulur və dövlət vəsaiti milyonlarla mə-nimsənilir. Heydər müəllim, mən Sizə də,  Baş Prokurorluğa da sizin hesabatda göstərilən faktlarla bağlı rəsmi müraciət edəcəyəm.
168-ci səhifədə haqlı olaraq göstərirsiniz ki, Palatanın fəaliyyətində aşkarlıq prinsipinə əməl olunur. Mən buna görə təşəkkür edirəm, Heydər müəllim. Mən sizin fəaliy-yətinizi dəyərləndirirəm. Amma xahiş edirəm, bir sualıma cavab verəsiniz. Aşkarlıq prinsipi dedikdə siz şikayətçilərin bəzən bu yoxlamalarda iştirakını təmin edirsinizmi? Sizə bir sual da  vermək istəyirəm. İl ərzində sizə 95 şikayət ərizəsi daxil olub. Bu çox azdır. Ümumiyyətlə, gələcəkdə Hesablama Palatası hansısa bir qaynar xətt açmaq və ya əhalinin məhz bura müraciət etmək hüququnun təminatı  anlamına gələn hansısa bir məlumatlandırıcı funksiyanı yerinə yetirmək istəyirmi?
Başqa bir problem. Mənə seçildiyim rayondan mü-raciətlər edir, deyirlər ki, Vergilər Nazirliyi sahibkarlar arasında hesablaşmaların depozit hesabından aparılmasına qa-dağa qoyub. Hörmətli Heydər müəllim, depozit hesabında yığılan yüz minlərlə puldan, ola bilər iki, müəyyən olunmuş yerlərə ilin sonunda cəmisi 20–30 min civarında ödəmələr həyata keçirilsin. Hesabda qalan məbləğin 70–80 faizi, yəni yüz minlərlə pul dövriyyədən çıxarılır. Mən xahiş edirəm, siz bunu nəzarətə götürün ki, müəssisələr arasında həm depozit hesabından, həm də hesablaşma hesabından hesab-laşmaların aparılmasında yaranan problemləri aradan qaldırmaqla ölkədə sahibkarlığın inkişafına kömək etmiş olasınız.
Sonda bir daha sizə  təşəkkür edirəm. Hesabata mən də müsbət  səs verəcəyəm. Təşəkkür edirəm.

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Həmkarlarım kimi mən də  Hesablama Palatasının bu hesabatını çox təqdirəlayiq hesab edirəm. Burada dəfələrlə qeyd olunduğu kimi, Hesablama Palatası hər il ardıcıl olaraq daha mükəmməl hesabatlar təqdim edir. Həm iş prinsipində, işin təşkilində, həm də ayrı-ayrı yoxlamaların aparılmasında, digər məsələlərin həlli yollarının tapılmasında müsbət dəyişikliklər nəzərə çarpır. Hesablama Palatasının sədri hörmətli Heydər müəllim və onun kollektivi bu işləri çox yaxşı şəkildə  aparır.
Mən keçən il Hesablama Palatasının 10 illik yubileyində iştirak elədim. Bir çox ölkələrdən – istər postsovet, istərsə də Şərqi Avropa ölkələrindən nümayəndələr gəlmişdi. Orada Hesablama Palatasının fəaliyyəti haqqında film də göstərildi, hesabat da verildi. Bir çox nümayəndələr çıxış edərək Hesablama Palatasının təcrübəsindən öz ölkələrində istifadə etmək fikrində olduqlarını bildirdilər. Əgər vaxtilə hamı gözünü Rusiyaya dikmişdi  və Rusiyanın Hesablama Palatasından nümunə götürməyə çalışırdısa, indi artıq Azərbaycanın Hesablama Palatası həm özünün maddi-texniki bazası,  həm də işinin keyfiyyət və kəmiyyəti  baxımından ayrı-ayrı ölkələr üçün bir nümunədir.
Hesablama Palatasının bizə təqdim olunmuş hesabatında çox sahələrə toxunulub, iş planı əsasında hansı sahələrdə audit yoxlamalarının  aparıldığı, hansı müraciətlər əsasında yoxlamaların keçirildiyi, hansı məsələlərin yoxlanıldığı, hansı ödəmələrin tətbiq olunduğu, hansı nəticələrin hansı strukturlara göndərildiyi göstərilib. Bunlar da, hesab edirəm ki, vacibdir. İlbəil bu iş  daha yaxşı nəticələr verir.
Burada qeyd olundu ki, şikayətlər azdır. Şikayətlərin az olması işin yaxşı getməsinə dəlalət eləyir. Hesablama Pala-tasına daxil olan müraciətlər bilavasitə yoxlanılır və bunun nəticəsi olaraq da məsələlər öz dəqiq həllini tapır.
Hesablama Palatası hüquq mühafizə orqanı deyil ki, kimi isə tutsun,  həbs eləsin, cəzalandırsın. Hesablama Palatasının fəaliyyətində əsas məqsəd ondan ibarətdir ki, dövlətə dəymiş ziyan ödənilsin. Bu ödənilmədiyi təqdirdə hüquq mühafizə orqanları müvafiq ölçü götürürlər. Əgər hansısa strukturda qanun pozuntusu varsa və kimsə bunu bilirsə, bu barədə  korrupsiya ilə bağlı aidiyyəti strukturlara müraciət etsin. Bilirsiniz ki, biz prokurorluq sistemində yeni bir idarə yaratmışıq və o idarə korrupsiya ilə bağlı iş aparır. Yazılı şəkildə ora müraciət eləyib göstərmək olar ki, hansı sahələrdə korrupsiya var. O idarəyə müraciət edilməlidir ki, bunun qarşısının alınması üçün lazımi tədbirlər görülsün. Hansısa strukturda cinayət törədilibsə, bu cinayət işinin  istintaqı, açılması  və cinayətkarların cəzalandırılması da hüquq mühafizə orqanlarının işidir.
Hesablama Palatasının əsas funksiyası dövlət vəsaitinin xərclənməsinə nəzarət, həm də ictimaiyyətlə əlaqəli nəzarətdir, Milli Məclisin üzvləri ilə birlikdə bu işlərin aparılmasıdır. Yəni hər bir hesabatın özündə Milli Məclisin üzvlərinin bilavasitə iştirak etməsi onu göstərir ki, burada əsas məqsəd insanların düz yola yönəldilməsi, dövlət vəsaitinin düzgün xərclənməsi və harada səhv varsa, dövlət vəsaiti mənimsənilirsə, onun ödənilməsi, yerinə qaytarılmasıdır. Görürsünüz ki, biz Cinayət Məcəlləsində son dövrlər müəyyən maddələrin sanksiyalarında həbs cəzasını cərimələrlə əvəz eləyirik. Çünki insanları yalnız həbs etməklə, onlara qarşı ancaq müəyyən cəza tədbirləri tətbiq etməklə tərbiyələndirmək olmaz. Bəzi problemləri həmçinin bu cərimələrlə aradan qaldırmaq olar. Ona görə də mən Hesablama Palatasının işini təqdirəlayiq hesab edir və Milli Məclisin deputatlarından onun  hesabatının  qəbul olunmasını xahiş edirəm. Sağ olun.
Sədrlik edən. Təşəkkür edirəm. Hörmətli deputatlar, çıxışlar artıq yekunlaşdı. Bu müzakirə vaxtı xeyli fikirlər, qeydlər səsləndi, təkliflər verildi. Ona görə icazənizlə Hey-dər müəllimə söz verək, münasibətini bildirsin. Ondan sonra səsverməni apararıq. Olar? Buyurun, Heydər müəllim.
H.Əsədov. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Mən çıxışımda da qeyd etdim ki, bizim fəaliyyətimizin təkmilləşməsində  hörmətli millət vəkillərinin, həqiqətən,  çox böyük rolu olmuşdur. Bu gün də mən bütün çıxışları diqqətlə dinlədim və qeydlər apardım. Mən hesab edirəm ki, burada deyilənlərin hamısı ümumi işimizin xeyrinədir və bütövlükdə Hesablama Palatasının fəaliyyətinin gücləndirilməsinə yönəlmişdir.  Qaldırılan məsələlərin əksəriyyəti bizim də arzuladığımız məsələlərdir. Sadəcə, mən burada bir neçə məsələyə aydınlıq gətirmək istəyirəm.
Qüdrət müəllim düzgün qeyd elədi, kənardan siqnal və əlimizdə ciddi əsas olarkən dərhal yoxlamalara başlamaq da faydalı olardı. Amma bu bizə qanunvericiliklə icazə verilmir. Biz yalnız və yalnız iş planı əsasında fəaliyyət göstəririk. Halbuki bir sıra ölkələrdə iş planının 30 faizinə qədərini Prezident Administrasiyasından və Milli Məclisin komissiyalarından daxil olmuş sorğular təşkil edir. Amma bizdə Hesablama Palatasına hələ ki rəsmi qaydada belə sorğular daxil olmur. Mən Milli Məclisin deputatlarını bu sahədə fəallığı artırmağa dəvət edirəm. Qəflətən yoxlamalar keçirməyi bizə hələlik qanunvericilik qadağan edir. Amma BMT yaxın günlərdə hesablama palatalarının rolunun güc-ləndirilməsi haqqında xüsusi qərar qəbul edib. Bu qərarda dövlət başçılarına,  parlamentarilərə müraciət edilərək gələcəkdə belə yoxlamaların nəzərdə tutulması haqqında məsələ qaldırılıb. Yəqin ki, qanunvericilik baxımından biz də bu məsələni qaldıracağıq.
Çingiz müəllim “Azərenerji”nin məsələsini qaldırdı. Çox sağ olun, Çingiz müəllim, hesabatı diqqətlə oxumusunuz. Biz, həqiqətən, burada hər şeyi obyektiv əks etdirməyə çalışmışıq. Amma mən Sizdən çox xahiş edirəm ki, bizim rəqəmlərimizi bizim mütəxəssislərin dilindən deyilmiş səviyyədə qəbul edin. Onu yuxarı qaldırmağa və ya aşağı salmağa ehtiyac yoxdur. “Azərenerji”də mən kriminal hadisə görmədiyim üçün bu materiallar Baş Prokurorluğa göndərilməmişdir. Baş Prokurorluğa biz bir neçə material göndərmişik. Siz hüquqşünassınız, çox gözəl bilirsiniz ki,  icranın gecikdirilməsinə  və ya hər hansı fors-major səbəblər, obyektiv, subyektiv amillər olduğuna görə kiminsə cinayət məsuliyyətinə cəlb edilməsi nəzərdə tutulmayıb. Belə materialların istintaqa  göndərilməsi üzərimizə qayıtması deməkdir. Ona görə də bunlar bizim dediyimiz fikirlərin başqa istiqamətə yönəldilməsinə əsas vermir.
İlyas müəllimin sualına cavab vermək istəyirəm. İlyas müəllim, bizim aşkara çıxardığımız faktlara görə istintaqa 10-dan artıq material göndərilib. Mən bu materiallar əsasın-da neçə nəfərin məhkum olunduğunu bilmirəm. Prokurorluqdan bu barədə rəsmi məlumatım yoxdur. Amma rəsmi olaraq bildirirəm ki, bir neçə nəfər mühakimə olunub. Gön-dərdiyimiz son materiallar üzrə hazırda məhkəmə prosesi gedir və yəqin ki, elə bir neçə şəxsin də bu yaxınlarda həbs olunması barədə məlumat daxil olacaqdır. Amma mən o rəqəmi konkret deyə bilmirəm, çünki son məlumatı Respublika Prokurorluğundan almamışam.
Qanunvericilik bazasının təkmilləşdirilməsi, Palatanın potensialının yüksəldilməsi, yoxlamaların nəticəsinə görə qərarların qəbul edilməsi barədə millət vəkillərinin verdiyi təkliflərə gəlincə mən onlarla tam razıyam. Biz çalışacağıq ki, millət vəkillərinin köməyi ilə bu sahədə  fəaliyyətimizi daha da artıraq və gücləndirək. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Heydər müəllim, təşəkkür edirəm. Hörmətli deputatlar, bizim Daxili Nizamnaməyə görə Hesablama Palatasının hesabatının nəzərə alınıb-alınmaması ilə bağlı səsvermə keçirməliyik. Ona görə xahiş edirəm, bu məsələyə münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 13.52 dəq.)
Lehinə 108
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  108
Nəticə: Qəbul edildi

Qəbul edildi. Sağ olun.
Növbəti məsələ – Azərbaycan Respublikasının Avstraliya İttifaqında (Kanberra şəhərində) Səfirliyinin təsis edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə Sevinc xanım Fətəliyeva məlumat verəcək. Buyurun, Sevinc xanım.
S.Fətəliyeva, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini.
Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli sədarət, hörmətli millət vəkilləri! İl-ildən Azərbaycan Respublikasının digər ölkələrdə və qitələrdə açılan səfirliklərinin sayı artır. Bu, Azərbaycanın həm iqtisadi maraqlarının, həm də dünyada mövqelərinin güclənməsinin göstəricisidir. Artıq dövlətimizin maraqları Avstraliya İttifaqında da mövcuddur.
Təqdim olunan qanun layihəsi müasir Azərbaycan üçün çox zəruridir. Avstraliya dünyanın ən inkişaf etmiş ölkələrindən biridir. İqtisadiyyatının həcminə görə dünyada 13-cü, adambaşına düşən ümumi daxili məhsul üzrə 6-cı yer tutur. Ölkələrimiz arasında əməkdaşlıq hər iki tərəf üçün faydalı və əhəmiyyətli olacaq. Bu günə qədər Azərbaycan dünyanın o hissəsində ancaq İndoneziya, Malayziya və Yaponiyadakı səfirliklərimizlə  təmsil olunub. Kanberra şəhərində səfirliyin təsis olunması gələcəkdə Yeni Zelandiya və digər qonşu dövlətlərdə Azərbaycanın diplomatik missiyasının təmsil olunması üçün imkan yaradacaq və əlaqələrimizin genişlənməsinə təkan verəcək. Bunları nəzərə alaraq komitəmizin üzvləri bu qanun layihəsinin Milli Məclisin müzakirəsinə tövsiyə edilməsi haqqında qərara yekdilliklə səs vermişdir.
Sədrlik edən. Sağ olun. Nə təklif olunacaq? Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.54 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  103
Nəticə: Qəbul edildi

Qəbul edildi. Sağ olun.
Növbəti  məsələ – “Serbiya Respublikasında E-763 avto-mobil magistralının Ljiq-Boljkovci, Boljkovci-Takovo və Takovo-Preljina  hissələrinin tikintisinin maliyyələşdirilməsi üçün borcverən qismində çıxış edən Azərbaycan Respublikası Hökuməti və borcalan qismində çıxış edən Serbiya Respublikası Hökuməti arasında Kredit Sazişi”nin təsdiq edilməsi barədə  qanun layihəsi haqqında İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verir.
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri.
Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Bilirsiniz ki, Azərbaycanın iqtisadi inkişafında əldə edilən uğurlar Azərbaycanı artıq borcalan ölkədən borcverən ölkəyə çevirmişdir. Millət vəkillərinə təqdim olunan layihə birmənalı şəkildə sübut edir ki, indi Azərbaycan Avropa məkanına investisiya qoymaq imkanlarına malikdir.
Bu kredit sazişinin üstünlükləri ondan ibarətdir ki, burada Azərbaycanın maraqları gözlənilir, kreditin əsas şərtləri vaxtilə Serbiyanın digər ölkələrlə bağladığı kredit sazişlərinin şərtlərindən daha əlverişlidir. Kreditin müddəti 15 il, məbləği 300 milyon manat, güzəşt müddəti 3 il, illik faiz dərəcəsi 4 faizdir.
Serbiyanın Çin, Yaponiya və digər dövlətlərlə bağladığı kredit sazişlərinin şərtlərinə nisbətən Azərbaycanla bağlanan sazişin şərtləri Azərbaycanın maraqlarını əhatə edir. Ümumiyyətlə, mən hesab edirəm ki, belə müqavilələrin bağlanması gələcəkdə də davam edəcəkdir. Kredit sazişi kifayət qədər sanballı şəkildə hazırlanmışdır, beynəlxalq standartlara cavab verir.
Bu məsələ Milli Məclisin İqtisadi siyasət komitəsində İqtisadi İnkişaf Nazirliyinin məsul işçilərinin iştirakı ilə ətraflı müzakirə olundu və yekdilliklə qərar qəbul edildi ki, qanun layihəsi Milli Məclisin müzakirəsinə tövsiyə edilsin. Millət vəkillərindən xahiş edərdim ki, bu layihəyə  müsbət münasibət bildirsinlər. Sağ olun.
Sədrlik edən. Sağ olun. Qanun layihəsinin müzakirəsinə başlayırıq. Məlahət İbrahimqızı.
M.İbrahimqızı. Çox sağ olun, Ziyafət müəllim. Mən Azərbaycan parlamentinin Serbiya parlamenti ilə dostluq qrupunun rəhbəri olduğum üçün bu kredit sazişi haqqında bir neçə kəlmə deməyi özümə borc bilirəm.
Bir neçə il bundan qabağa qədər Azərbaycan özü borcalan ölkə idi. Azərbaycana investisiya qoyulur, kredit verilirdi. Biz xarici donorlardan xahiş edirdik ki, Azərbaycana donorluq etsinlər. Amma bu gün Azərbaycan Gürcüstana, Ukraynaya, Moldovaya, digər keçmiş sovet respublikalarına, Türkiyəyə, Rumıniyaya, Avropa ölkələrinə investisiya qoyur, Serbiya kimi bir çox ölkələrə kredit verir. Bunu gördükcə hər bir azərbaycanlı kimi biz də qürur duyur, iftixar hissi keçiririk. Azərbaycanın borcverən ölkə kimi beynəlxalq aləmdə tanınması dövlətimizin gücünü göstərir. Dövlətimizin gücü, əlbəttə, dövlətimizin imici, dövlətimizin imici isə xalqımızın, millətimizin imicidir.
Son illərdə Serbiya ilə Azərbaycan arasında əlaqələrin gündən-günə güclənməsi, möhtərəm Prezidentimizin Serbiyaya, Serbiya Prezidentinin Azərbaycana rəsmi səfərləri də beynəlxalq aləmdə xarici siyasətimizin uğurlarından xəbər verir. Mən bir də onu demək istəyirəm ki, bu kreditin illik faiz dərəcəsi Neft Fondunun gəlirlərinin idarə olunmasından əldə olunan vəsaitdən də yüksəkdir və ona görə bu saziş bütün aspektlərdə çox yüksək qiymətləndirilməlidir. Mən sözümü yekunlaşdıraraq həmkarlarımı bu qanun layi-həsinə səs verməyə çağırıram. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, Məlahət xanım. Qüdrət Həsən-quliyev.
Q.Həsənquliyev. Sağ olun, Ziyafət müəllim. Mən də bu müqavilənin təsdiq olunmasına səs verəcəyəm. Amma bir məsələni xatırlatmaq istəyirəm. Mən vaxtilə Milli Məclisdə Qarsdan Naxçıvana dəmir yolu xəttinin çəkilməsi ilə əlaqədar olaraq məsələ qaldırmışdım. Biz, məsələn, Bakı–Tiflis–Qars dəmir yolu ilə əlaqədar olaraq Gürcüstana 1 faizlə kredit verdik. Gürcüstan bu krediti o dəmir yolu xətti işlədiyi zaman əldə etdiyi gəlirlərdən qaytaracaq. Düşünürəm ki, Qars–Naxçıvan dəmir yolunun, yəni Sədərəkə qədər dəmir yolunun çəkilməsi Azərbaycan üçün həyati əhəmiy-yətli bir məsələdir. Ona görə də mən bir millət vəkili olaraq bu məsələni bir daha qaldırır və hesab edirəm ki, bu məsələ hökumətin diqqətinə çatdırılmalıdır. Lazımdırsa, biz Türkiyə tərəfinə də müvafiq kredit ayıraq. Bizim onsuz da pullarımız, 40 milyarda qədər vəsait Avropa ölkələrində 0,85 faiz illik gəlirlə saxlanılır. Yəni bu vəsaiti verək, o yolun çəkilməsinə nail olaq. Sağ olun.
Sədrlik edən. Sağ olun. Qüdrət müəllim, amma nəzərinizə çatdırım ki, hökumət bunu bilir. Əgər yadınızdadırsa, keçən il Türkiyə ilə Azərbaycan arasında Qars–Naxçıvan dəmir yolunun çəkilməsi ilə bağlı niyyət protokolu imzalanıb. Bu sahədə işlər gedir. Fazil Mustafa.
F.Mustafa. Çox sağ olun, Ziyafət müəllim. Prinsipcə mən  Serbiyada və ya Avropanın digər  ölkələrində Azərbaycanın simvolik tikintilərə simvolik maliyyə ayırmasının tərəfdarıyam. Belə genişmiqyaslı  maliyyələşdirmənin isə Azərbaycan üçün heç bir faydası yoxdur. Nə baxımdan? Təbliğat nöqteyi-nəzərindən ola bilsin, bir kilsəni, bir muzeyi, haranı isə təmir etdirmək olar.
Bizim öz sahibkarlarımız üçün bu vəsaiti verməkdə maliyyə qıtlığı var. Kifayət qədər bunu təmin eləyə bilmiriksə, biz xaricdə ancaq o ölkələrə investisiya qoya bilərik ki, onlarla dostluğumuz əbədi və dəyişməzdir. Xüsusilə də Türkiyəyə qoyulan investisiyalara mən normal yanaşıram. Yəni Petkimə 5 milyard qoyuldu, hələ bir milyard, iki milyardımız varsa, qoyaq Türkiyəyə.  Əlaqələrimizin  daha kövrək olduğu ölkələrdə isə bunu bu qədər maliyyələşmə formasında etməyimiz, məncə, strateji cəhətdən doğru deyil. Orada, sadəcə, təbliğat nöqteyi-nəzərindən müəyyən işlərin görülməsinə müsbət yanaşmaq olar. Bu baxımdan mən bu cür genişmiqyaslı layihələrin Azərbaycan tərəfindən maliyyələşdirilməsinə müsbət yanaşmıram.
Doğrudur, Serbiya ilə münasibətlərimiz yaxşıdır. Bunu başqa formada eləyə bilərik. Hər halda bu maliyyə vəsaitimiz varsa, daha aşağı faizlərlə öz sahibkarlarımıza verək ki, Azərbaycanın regionlarını dirçəltsinlər və regionlarda iş-sizlik, yoxsulluq ortadan qalxsın. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Fazil müəllim, məni bağışlayın, amma mən Sizin bu fikrinizlə razı deyiləm. Əvvəla, bu, təbliğat məsələsi deyil, sırf biznes müqaviləsidir. Özü də çox yaxşı bir faiz –  4 faiz ilə. Başqa ölkələrlə belə sazişlər 2, 3, 1 faizlə bağlanıb. Azərbaycan burada 4 faizlə  saziş imzalayıb. Siz nə danışırsınız? Azərbaycan tərəfi  burada nəinki borc verir, həm də podratçı özümüzük. İkinci bir tərəfdən açıq etiraf eləmək lazımdır, əgər Azərbaycan bu il Balkanlara investisiya ilə gedibsə, bunun nəyi pisdir? Bu gün Serbiyadadır, sabah Makedoniyada olacaq, o biri gün Xorvatiyada olacaq. Əgər bu yaxşı gəlir gətirirsə, biznes müqaviləsi, sazişidirsə, bundan qaçmaq lazım deyil. Qoy Azərbaycan bütün dünyaya çıxsın. Bu, dostdur, dost deyil, fərqi yoxdur. Baxmayaraq ki, Serbiya ilə Azərbaycanın çox yaxşı münasibətləri var. Valeh müəllim, buyurun.
V.Ələsgərov. Bu sazişi və müvafiq qanun layihəsini biz, əlbəttə, dəstəkləməliyik. Həm siyasi,  həm də iqtisadi cəhətdən çox əlverişli və önəmli bir sazişdir. Onu da nəzərdən qaçırmamalıyıq ki, Azərbaycan şirkətləri  bu kredit vasi-təsilə başqa bazarlara  çıxıb  özlərini etibarlı bir podratçı kimi nümayiş etdirə biləcəklərsə,  gələcəkdə tək kredit sazişləri çərçivəsində yox, başqa mənbələrdən maliyyələşən beynəlxalq layihələr çərçivəsində də təqdim edərək artıq beynəlxalq təcrübəsi olan bir şirkət kimi çıxış eləyə biləcəklər. Bu da Azərbaycanın iş adamları və  şirkətləri üçün  yeni imkanların açılması deməkdir.
Mənim fikrimcə, bu cəhət bundan öncə dediyim o iki cəhətdən də üstündür. Çünki hər hansı bir beynəlxalq tender keçiriləndə birinci sual o olur ki, son 3–5 ildə hansı beynəlxalq layihələrdə iştirak etmisiniz? Bunlar yoxdursa, heç tenderə yaxın da buraxmırlar. Azərbaycan şirkətləri üçün bu yolla bu imkanlar da açılır. Ona görə də bu həm də Azərbaycan biznesinə bir dəstəkdir.
Şərtlərinə qalanda, misal üçün, mən Valeh Ələsgərov bu cür sazişlərin hazırlanmasında və qarşı tərəflə razılaşdırılmasında iştirak edən bir şəxs kimi fəxr edirəm ki, Azərbaycanda artıq ən yüksək beynəlxalq səviyyədə saziş hazırlaya bilən kadrlar var. Bu cür sazişlərlə fəxr etmək lazımdır. Biz ən yüksək tələblərə, standartlara cavab verən və Azərbaycanın bütün maraqlarını ən yüksək səviyyədə qoruyan bir saziş  hazırlamışıq. Bununla fəxr etməli, şərəf duymalı, bu sazişə səs verməliyik.
Sədrlik edən. Sağ olun, Valeh müəllim. Monitorda adları olan hörmətli deputat həmkarlarımdan üzr istəyirəm,  vaxtımız sona çatır. Mən bilirəm ki, siz hamınız bu qanun layihəsini Azərbaycanın milli maraqlarına uyğun olması baxımından təqdir edəcəksiniz. Ona görə etiraz eləmirsinizsə, münasibətimizi bildirək. Buyurun, xahiş edirəm.

Səsvermənin nəticələri (saat 14.06 dəq.)
Lehinə 104
Əleyhinə 1
Bitərəf 1
Səs vermədi 1
İştirak edir  107
Nəticə: Qəbul edildi

Qəbul edildi. Sağ olun. Saat 4-ə qədər fasilə.

(FASİLƏDƏN SONRA)

Sədrlik edən. Hörmətli deputatlar, növbəti məsələ “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsidir. Komitə sədri Əli Hüseynli. Buyurun, Əli müəllim.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Ziyafət müəllim, əgər icazə versəniz, gündəlikdəki 5, 6 və 7-ci məsələlər barədə birgə məruzə edərdim. Çünki faktiki olaraq bu məsələlərin üçü də əslində yol hərəkətinin tən-zimlənməsinə, sürücü – yol dövlət orqanları münasibətlərinə aid olan məsələlərdir.
“Yol hərəkəti haqqında” Qanuna edilən dəyişikliklərlə bağlı. Burada birinci məsələ nəqliyyat vasitələrinin dövlət qeydiyyatının dəqiqləşdirilməsi,  ikinci  ürücülük  vəsiqələrinin  verilməsi, dəyişdirilməsi və qaytarılması zamanı mövcud qanunvericilikdə olan rüsumların ödənilməsi qaydasının dəqiqləşdirilməsidir. Bildiyimiz kimi, “Yol hərəkəti haqqında” Qanunda bu hərəkətlərə görə müəyyən məbləğdə haqqın alınması göstərilir. Amma “Dövlət rüsumu haqqında” Qanunda “rüsum” sözü işlənib və rüsumun məbləği konkret göstərilib. Ona görə də təklif olunur, “Yol hərəkəti haqqında” Qanunun 35-ci maddəsində qeyd olunsun ki, sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün qanunda müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilməlidir.
Digər bir dəyişiklik hərəkət sürətini və nəqliyyat vasitələri arasında ara məsafəni müəyyənləşdirən 50-ci maddədir. Bildiyimiz kimi, son dövrlər xüsusi texniki vasitələrdən, radarlardan istifadə çoxalıb. Bu çox müsbət haldır. Amma təklif olunan dəyişiklik bu sahədə mövcud olan bir sıra nöqsanların, o cümlədən sui-istifadənin aradan qaldırılmasına yönəlib. 50-ci maddəyə əlavə olunan VII hissədə göstərilir ki, xüsusi texniki vasitələrdən (radarlardan) qabaqda yolda radarın mövcudluğu barədə məlumat verən servis nişanı quraşdırılmalıdır. Bu dəyişikliyə görə, həmin nişan müvafiq radardan 150–1000 metr qabaqda quraşdırılır. Yəni hər bir sürücü qarşıda belə bir xüsusi texniki vasitənin, radarın olması ilə bağlı məlumatlı olmalıdır.
Digər bir vacib dəyişiklik 85-ci maddə ilə bağlıdır. Bilir-siniz ki, ümumi istifadədə olan nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti qaydalarını pozduqda müvafiq icra hakimiyyəti orqanının, yəni yol polisinin əməkdaşları həmin o nəqliyyat vasitəsini dayandırmaq səlahiyyətinə malikdirlər. Amma bu zaman sərnişin daşımalarının ləngiməsi baş verir. Təbii ki, bu, avtobusdakı  və ya  ümumi istifadədə olan digər nəqliyyat vasitəsindəki sərnişinlərin  haqlı narazılığına səbəb olur. Dəyişikliyin mahiyyəti ondan ibarətdir ki, bu cür pozuntular sürücüyə elan edildikdən sonra onun barəsində inzibati xəta haqqında protokol sonuncu dayanacaqda da tərtib oluna bilər. Yəni avtobusun gedişinə mane olunmur, bütün bu məsələlər sonuncu dayanacaqda sənədləşdirilir. Hesab edirəm ki, bunun özü də o münasibətlərin dəqiqləşdirilməsi üçün vacib bir düzəlişdir. “Yol hərəkəti haqqında” Qanuna edilən əlavə və dəyişikliklərlə bağlı bu qədər.
Gündəlikdəki 6-cı məsələ Mülki Məcəlləyə edilən dəyişikliklər haqqındadır. Bu dəyişikliklər etibarnamə müddəti ilə bağlıdır. Amma yenə deyirəm, bu məsələ də nəqliyyat vasitələrinin istifadəsi ilə əlaqədardır. Hazırda nəqliyyat vasitəsinə dair sərəncam vermək hüququ onunla bağlı etibarnamənin müddəti məsələsini də özündə ehtiva edir. Yəni etibarnamə istənilən müddətə verilə bilir. Təklif olunan dəyişiklik ondan ibarətdir ki, nəqliyyat vasitəsinə dair sərəncam vermək hüququnda nəzərdə tutulan etibarnamə bir ildən artıq müddətə verilə bilməz. Hörmətli millət vəkilləri,  bu dəyişiklik ilə etibarnamə müddətinə məhdudiyyət qoyulması təsadüfi deyil. Birincisi, bu, mövcud yanlış təcrübənin qarşısının alınmasına yönəlib. Çünki çox zaman etibarnaməni verən şəxs öldükdə, vəfat etdikdə və yaxud hər hansı bir başqa  səbəbdən etibarnamə ilə bağlı öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilmədikdə müxtəlif qanun pozuntuları,  bəzən məhkəmə mübahisələri yaranır.
Əslində, etibarnamənin verilməsi faktiki olaraq kvazi alğı-satqı müqaviləsinə çevrilmişdir. Etibarnamə ona görə verilir ki, kim isə bu əməliyyatları onun yerinə həyata keçirsin. Təbii ki, bu, müvəqqəti xarakter daşımalıdır. Amma qanunvericilikdəki mövcud vəziyyət imkan verir ki, vətəndaşlar bundan sui-istifadə eləsinlər. Bu, təbii ki, bir çox mübahisələrə də gətirib çıxarır. Hesab edirik ki, nəqliyyat vasitələrinə dair sərəncam vermək hüququ ilə bağlı belə  məhdudiyyətlərin qoyulması daha mükəmməl bir təcrübəyə əsaslanacaq.
Eyni zamanda, qeyd etmək istəyirəm ki, bu dəyişiklik öz-özlüyündə bütün problemləri həll etmir. Bu məsələnin həll olunmasından ötrü qanunvericilik təşəbbüsü subyekti ilə bizim danışıqlarımız olmuşdur. Onlar təklif edirlər ki, qanunun qüvvəyə minməsi ilə bağlı yeni bir müddəa nəzərdə tutulsun və bu qanun 2012-ci il oktyabrın 1-dən qüvvəyə minsin. Sizə paylanmış layihədə bu yoxdur, amma biz bunu artıq razılaşdırmışıq. Bu dövr ərzində cənab Prezidentin bu müddəanın qüvvəyə minməsi ilə bağlı fərmanı olacaq və bütün məsələlər o fərmanda öz əksini tapacaqdır.
İkincisi, bilirsiniz ki, artıq yollarda kameralar, radarlar mövcuddur. Faktiki vəziyyət nədən ibarətdir? Təsəvvür edək ki, bir inzibati xətaya yol verilib. Müvafiq icra hakimiyyəti orqanı sənədləri, şəkli, pozuntunu  etibarnamə vermiş şəxsin ünvanına göndərmiş olur. Halbuki o şəxs nəqliyyat vasitəsinin artıq sahibi deyil. Amma bütün sənədlər ona ünvanlanır. Qısası, onu demək istəyirəm ki, bu düzəliş sənədləri nəqliyyat vasitəsinin əsl mülkiyyətçisinə ünvanlanmağa da kömək edəcək. Bu, həddindən artıq vacib məsələdir. Mövcud vəziyyətdə bu həm də  bir problemdir. Əvvəllər bu çox meydana çıxmırdı, çünki kameralar bu qədər quraşdırılmamışdı. 6-cı məsələ ilə bağlı bu qədər.
Nəhayət, 7-ci məsələ – İnzibati Xətalar Məcəlləsinə təklif olunan  dəyişikliklər. Bu dəyişikliklərlə, əlbəttə, siz tanış olmusunuz. Mən onları qısaca olaraq bir neçə hissəyə bölmək istərdim. Birinci dəyişikliklər müvafiq maddələrdə sanksiyaların artırılması ilə bağlıdır. Bütün bunlar yol hərəkəti qaydalarının pozulmasının qarşısının alınmasına yönəlib. Yol hərəkəti qaydalarının pozulması ilə bağlı cə-rimə sanksiyalarının bəzi hallarda yarım dəfə, bəzi hallarda isə iki dəfə artırılması nəzərdə tutulur. Bunların konkret hansı maddələrlə bağlı olduğunu hamınız bilirsiniz.
İkinci paket dəyişikliklər, hesab edirəm, çox vacib dəyişikliklərdir. Belə ki, əvvəllər maddələrdə cərimələrin müəyyən hədləri göstərilirdi. Misal üçün, 152-ci maddədə cərimə 200 manatdan 400 manata qədər göstərilmişdi. Bu isə təcrübədə bəzən sui-istifadəyə gətirib çıxarırdı. Bəzən görürdünüz ki, aşağı həddi yox, məhz yuxarı həddi götürüb cərimə edirdilər.  İnzibati Xətalar Məcəlləsinə edilən  bu dəyişikliklər məhkəmənin baxmadığı bütün işlərdə cərimə-ləri yuvarlaqlaşdırıb. Yəni artıq konkret rəqəm mövcuddur, misal üçün, biz inzibati xətaya görə 100 manat, digər inzi-bati xətaya görə 200 manat və sair. Yəni bu dəyişikliklər yol hərəkəti qaydalarının pozuntuları ilə bağlı konkret cərimə sanksiyalarını müəyyənləşdirdiyi üçün arada sui-istifadə hallarına yer qalmır.
Üçüncü qisim dəyişikliklər  yeni mexanizmləri özündə ehtiva edir. Misal üçün, 159-1-ci maddədə cərimə sanksiyaları ağırlaşdırılmış, lakin həmin maddəyə əlavə olunan “Qeyd” hissəsində göstərilmişdir ki, cərimənin vaxtında ödənilməsi inzibati məsuliyyətdən azad edir. Başqa sözlə desək, bu müddəa sürücüləri cərimələri vaxtında ödəməyə stimullaşdırır. Yəni üçüncü paket düzəlişlərin mahiyyəti bundan ibarətdir.
Dördüncü paket dəyişikliklər, misal üçün, 407-ci mad-dəyə edilən düzəlişlər yol polisi ilə sürücülər arasında pro-sessual münasibətləri daha da dəqiqləşdirir.
Bütövlükdə hər üç qanun layihəsi, hesab edirəm ki, mütərəqqidir və mövcud problemlərin həllinə yönəlib. Bu layihələrdə nəzərdə tutulan dəyişikliklər, əslində, Dövlət Yol Polisinin fəaliyyətində keçən ildən başlanmış islahatların bir davamı kimi  qəbul olunmalıdır. Hesab edirəm ki, bu dövr ərzində artıq müəyyən nailiyyətlər var. Əlbəttə, bütün problemlər həll olunmayıb. Amma hamımız başa düşürük ki, bu istiqamətdə atılan hər bir addım çox vacibdir.
Qeyd üçün onu da deyə bilərəm ki, bu layihədə təkcə sürücülərlə deyil, piyadalarla da bağlı sanksiyalar bir qədər artırılmışdır. Hesab edirəm ki, qanunvericilikdə nəzərdə tutulmuş bu dəyişiklikləri həm sürücülər, həm piyadalar, həm də Dövlət Yol Polisinin əməkdaşları icra etsələr,  biz bu sahədə çox mütərəqqi standartlara gəlib çata bilərik. Çox sağ olun. 
Sədrlik edən. Sağ olun, Əli müəllim, təşəkkür edirəm. Vahid müəllim, sualınız var? Buyurun.
V.Əhmədov. Çox sağ olun. Hörmətli Əli müəllim,  təklif etdiyiniz bu qanun layihələri, əlbəttə, lazımdır. Amma bir məsələ məni maraqlandırır. Son vaxtlar biz  İnzibati Xətalar Məcəlləsinə, o cümlədən “Yol hərəkəti haqqında” Qanuna çoxlu dəyişiklik etmişik. Bu dəyişikliklər, əsasən, cərimələrin artırılması ilə bağlı olub. İndi o cərimələrin artırıl-masının  hökumət tərəfindən bir monitorinqi aparılır, ya yox? Artırılan cərimələr, doğrudan da, bu xətaların qarşısını alır,  ya almır? Digər tərəfdən, biz əgər bu cərimələri iki-üç dəfə artırırıqsa, bundan dövlət büdcəsinə əlavə vəsait daxil olmalıdır. Bunun monitorinqi aparılır, ya aparılmır? Yəni bu, Dövlət Yol Polisinin əməkdaşları üçün əlavə rüşvət mənbəyi yaratmır ki? Sualım bundan ibarətdir. Çox sağ olun.
Sədrlik edən. Hikmət müəllim, buyurun.
H.Atayev. Çox sağ olun. Mənim ancaq bir sualım var. Əli müəllim, etibarnamələrlə əlaqədar dəyişiklik bundan qabaq verilmiş etibarnamələrə şamil olunacaqmı?
Sədrlik edən. Aydındır. Əli müəllim, birbaşa cavab vermək istəyirsiniz? Buyurun.
Ə.Hüseynov. Hikmət müəllimin sualı çox qısa idi deyə birinci onu cavablandırım. Əlbəttə, qanunun geriyə qüvvəsi yoxdur. Bu birmənalıdır. Əvvəllər verilmiş, misal üçün, daha uzunmüddətli etibarnamələr, təbii ki, qüvvəsində olacaq. Haqqında danışdığımız dəyişikliklər qanun qüvvəyə mindikdən sonra veriləcək etibarnamələrə aiddir.
Vahid müəllim  çox vacib, qlobal məsələyə toxundu. Va-hid müəllim,  biz bura Dövlət Yol Polisi rəisinin müavini hörmətli Ramiz müəllim Hüseynovu da dəvət etmişik. Amma mən özümdə olan məlumatları sizə deyə bilərəm. Bu sahə ilə bağlı qanunvericilik  aktlarında keçən ildən apar-mağa başladığımız müvafiq dəyişikliklər, o cümlədən yığılan cərimələrin 25 faizinin Dövlət Yol Polisi əməkdaşlarının maddi cəhətdən stimullaşdırılmasına yönəldilməsi ona gətirib çıxarıb ki, – heç onlar özləri də bu nəticələri bəlkə gözləməzdilər, – son dövr ərzində cərimələrin 80 faizi ödənilmişdir. 
Xatırlayırsınızsa, biz artıq bu cərimələrin ödənilməsinin qanunvericilikdə  daha şəffaf mexanizmlərini  nəzərdə tutmuşuq. Çünki o cərimələr bəzən  dövlət büdcəsinə yönəlmirdi, başqa formada alınırdı. İndi isə şəxsən mənim  gəldiyim nəticə bundan  ibarətdir ki, bu sahədə artıq çox müsbət  tendensiya yaranmağa başlayıb.
Əlbəttə, yenə pozuntular var. Əslində, bizim indi təklif etdiyimiz bu dəyişikliklər də  son bir ildə aparılan müşahidənin, yəni Siz demiş, monitorinqin nəticəsidir. Çünki bəzi hallarda yenə də qanundan yayınmalara rast gəlinir.
Rüşvət, korrupsiya hallarına gəlincə mən sizə onu deyə bilərəm ki, bu hallar bəzən mövcud olur. Amma ona qarşı Daxili İşlər Nazirliyinin də, Dövlət Yol Polisinin də rəhbərliyinin kifayət qədər iradəsi mövcuddur və konkret nəticələr də var.
Sədrlik edən. Sağ olun, Əli müəllim, təşəkkür edirəm. Hörmətli deputatlar, indi isə qanun layihələrinin müzaki-rəsinə başlayırıq. Fazil Mustafa, buyurun.
F.Mustafa. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Mən hesab edirəm ki, gündəlik həyatımızda yollarla və nəqliyyatla bağlı çevik proseslər olduğuna görə qanunvericilikdə yol hərəkəti qaydalarının tənzimlənməsi istiqamətində tez-tez dəyişikliklər edilməsi də normal qar-şılanmalıdır. Amma bir gerçəkliyi də qəbul etməliyik ki, bu gün bir çox hallarda yolların vəziyyəti o qaydaları pozmamaq üçün heç bir imkan tanımır. Bir çox hallarda sürücülərin istəməyərəkdən bu pozuntuların səbəbkarına çevrilməsi qaçılmazdır. Ona görə də mən bütün hallarda yol qaydaları ilə bağlı sənədləşmə işində  vətəndaşın xeyrinə yumşaldılmanın tərəfdarıyam.
Qanunda qeyd olunur ki, müqavilənin notarial qaydada təsdiq edilməsi qanunla tələb olunmadıqda notarial qaydada təsdiq edilməmiş icarə müqavilələri də əsas götürülə bilər. Bu müsbət haldır, bu prosesi mümkün qədər vətəndaşın xeyrinə  yüngülləşdirmək lazımdır. Çünki Bakının yollarında avtomobil idarə edən insan mütləq müxtəlif xəstəliklərə tutulmalıdır. Birinci əsəb xəstəliyi, ardınca şəkər xəstəliyi və başqa xəstəliklər. Bu, əlbəttə,  yol polisi ilə bağlı deyil. Yol polisi də bizim qədər əziyyət çəkir. Həm də görürsən, iş saatlarında o yolların bərbad vəziyyətinə görə onlar bizdən daha çox zülm çəkirlər. Ona görə də bu kimi məsələlərdə qaydaları bir az yumşaltmaq lazımdır ki, insanlar, heç olmasa, o xəstəliklər üzündən həkimə verəcəyi puldan əlavə bu cəriməni ödəməyə də çox vəsait xərcləməsinlər.
Burada radarlarla bağlı çox müsbət dəyişikliklər edilib. Mən hesab edirəm ki, bu dəyişikliklər çoxdan olmalı idi. Doğrudan da, xəbərdarlıq işarəsi olmayan yerdə sürücünü radara düşmüsən deyə hər hansı bir şəkildə cərimələmək heç bir məntiqə sığmır. Bu, mədəni ölkələrin prinsipinə uyğun deyil. Yəni insanların yolda hərəkətini bir az da asanlaşdırmaqdansa, hər addımbaşı radar var deyə onları daim qorxu içində saxlamaq doğru deyil. İşarə olarsa, normal mədəni insan bu işarəni görüb sürəti azaldacaq.
Burada vacib məsələlərdən biri də odur ki, inzibati xəta törətmiş şəxsə dərhal protokolun surəti və baxılmanın yeri və vaxtı barədə bildiriş verilir. Mən hesab edirəm, hörmətli Əli  müəllim  özü də etiraf edər ki, bu “dərhal” sözü bizim mentalitetə bir qədər uyğun deyil, müsəlmanın  dünəni mə-sələsi kimi çox qeyri-müəyyəndir. Yəni bu “dərhal” uzanır – ora zəng vur, bundan xahiş elə, bununla məsələ həll olun-sun... Konkret 1 saatmı, 30 dəqiqəmi müddət qoyulmalıdır ki, sürücü işindən, məşğuliyyətindən ayrılmayaraq o sənədi dərhal ala bilsin.
Daha bir məsələ sərnişindaşıma ilə bağlıdır. Sərnişin daşıyan  nəqliyyat vasitəsinin sürücüsünə yol verdiyi qayda pozuntusu elan edildikdən sonra protokolun sonuncu dayanacaqda tərtib edilməsi çox mütərəqqi, yaxşı haldır. Yəni sürücünün məsuliyyətsizliyinin ağırlığını  sərnişin daşımamalıdır. Amma məncə, buraya “qayda pozuntusu ciddi texniki təhlükə ilə əlaqədar olmadıqda” sözləri əlavə olunmalıdır. Çünki  yol polisi nəqliyyat vasitəsində ciddi texniki təhlükə olduğunu aşkarlayarsa, elə yerində o vətəndaşları  hansısa bir təhlükədən qurtara bilər.
Etibarnamənin müddətini də, məncə, bu qədər məhdud-laşdırmağa ehtiyac yoxdur. Biz sivil cəmiyyətdə yaşayırıq. Əmlakı barədə sərəncam vermək hüququ insanın təməl hüquqlarından biridir. Bunu 1 il müddəti ilə məhdudlaşdırmağın nə mənası var? Ola bilər, insanın yadından çıxıb ki, 1 il qabaq kiməsə etibarnamə veribdir. Bir də işindən-gücündən ayrılıb,  bununla bağlı ayrıca xərc ödəyib notariusda müəyyən etibarnamə almalıdır. Məncə, bu dəyişikliyə çox ciddi ehtiyac yoxdur. Hər halda buna vətəndaşın vəziyyətini çətinləşdirən bir amil kimi baxılmalıdır. 
İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi ilə bağlı anlaşılmayan bir məsələ var. 152-4-cü maddədə nəqliyyat vasitəsinin idarəetmə hüququ olmayan və sərxoş vəziyyətdə olan şəxsə verilməsi, 152-5-ci maddədə isə sərxoş vəziyyətdə olan şəxsə verilməsi halları nəzərdən keçirilir. Məncə, sərxoş vəziyyətdə olan şəxs halı ayrıca bir hərəkət kimi bir dəfə nəzərdə tutulmalıdır. İstər idarəetmə hüququ olan olsun, istər olmayan olsun, fərqi yoxdur. Sərxoş vəziyyətdə olan şəxs hansısa bir sənədi oldu-olmadı avtomobilin sükanı arxasında əgər əyləşirsə, bu, ciddi bir təhlükədir. Ona görə də bunun iki maddədə ayrı-ayrı göstərilməsi, məncə, məqsədəuyğun deyil. Dəyişikliklər ancaq sanksiyalara aid olduğuna görə Əli müəllim, yəqin, arqument gətirəcək ki,  biz maddədə dəyişiklik etmirik. Hər halda bunu diqqətə almaq lazımdır.
Maddə 154-də dövlət qeydiyyatının aparılması, texniki baxışın keçirilməsi, nəqliyyat vasitəsinin sazlığı haqqında sənədin və sürücülük vəsiqəsinin verilməsi ilə bağlı müd-dəalara da, mən hesab edirəm ki,  biz ciddi diqqət yetirməliyik. Dövlət qeydiyyatı və ya texniki baxış  bir-birini əvəzləyən kateqoriyalar, hərəkətlər kimi götürülür. Dövlət qeydiyyatı olan avtomobilin texniki baxış məsələsinə artıq prinsipial yanaşılmalıdır. Avtomobili bir il öncədən texniki baxışdan keçirirsənsə, o, 2 aydan sonra  sıradan çıxa bilər. Bu, sığorta şirkətlərinə aid məsələdir, özü artıq maraqlıdır ki, texniki nasaz olan avtomobili qeydiyyatdan keçirməsin. Nəhayət,  Gürcüstanda, başqa yerlərdə tətbiq edilən metodları tədricən Azərbaycana gətirmək lazımdır. Mən yenə də söyləyirəm, maşınların çoxalması, insanların böyük əksəriyyətinin avtomobil idarə etməsi faktı onu göstərir ki, yüngülləşdirici amillərə keçmək lazımdır. Bu təqdirdə ölkəyə başqa yollarla  avtomobil gətirilməsinin də qarşısını almaq olar.
Tibbi müayinə məsələsinə, məncə,  bir daha diqqət yetirmək lazımdır. Anlaşılmır ki, tibbi müayinə hansı formada olmalıdır. Deyək ki, mən tibbi müayinədən keçəndən 3 gün sonra bir xəstəliyə tutuldum, amma artıq sənədim var ki, 3 gün qabaq müayinədən keçmişəm. Mən 1 il bu tibbi müayinə sənədi ilə avtomobil sürə bilərəmmi? Burada bir dəqiqlik olmalıdır ki, tibbi müayinə deyəndə nə anlaşılır, yəni hansı cəhətlərə görə artıq uzunmüddətli, birdəfəlik tibbi müayinədən keçmək kifayətdir ki, sən avtomobilini istənilən müddətə idarə edəsən.
Bir daha qeyd edirəm ki, burada müsbət dəyişikliklər də var. Sanksiyaların artırılmasının mən də lehinə deyiləm. Baxmayaraq ki, küçələrdə maşınların sayı çoxdur, güman etmirəm ki, yaşayış səviyyəsi  bu sanksiyaların ağırlığına tab gətirə bilsin. Çünki başqa sahələrdə əlavə xərclərimiz onsuz da çoxdur. Heç olmasa, yollarda bir az daha yüngül keçinməklə avtomobili idarə etməyimiz mümkün olsun. Diqqətinizə görə sağ olun.    
Sədrlik edən. Sağ olun. Hörmətli deputatlar, mən bir məsələ barədə sizinlə məsləhətləşim. Çıxışlara 21 nəfər yazılıb. Nəzərə alın ki, bu gün qarşıda hələ Mədəniyyət haqqında qanun layihəsi durur. Ona görə etiraz etmirsinizsə, iş vaxtından səmərəli istifadə etmək üçün 5 dəqiqəlik reqlamentə keçək. Bunu səsə qoymağa ehtiyac var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yoxdur. Qəbul olundu. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Sağ olun, Ziyafət müəllim. İlk öncə mən “Yol hərəkəti haqqında” Qanunun 50-ci maddəsinə edilən əlavə barədə fikrimi bildirmək istəyirəm. Burada radarlara neçə metr məsafə qalmış  nişanların qoyulması nəzərdə tutulur. Məsafə, məncə, düzgün müəyyənləşdirilməyib.  Məsələn, 150 metrdən 1000 metrə qədər. Magistral yollarda radara 150 metr qalmış əgər nişan qoyulursa, sürəti artırmış sürücü məcburdur ki, kəskin tormozlama əməliyyatı həyata keçirsin. Bu da çox hallarda qəzaya gətirib çıxarır. Ona görə radara qədər 150 metr kifayət qədər az məsafədir. Məncə, bu məsafə artırılmalı və o nişan, məsələn, 800 metrdən 1000 metrə qədər məsafədə yerləşdirilməlidir ki, sürücü də bilsin, sürəti azaltsın.
Şəhər daxilində bu məsafə 50 metrdən 200 metrə qədər müəyyən edilib. Burada da məsafə düzgün müəyyənləş-dirilməyib. Şəhər daxilində, ümumiyyətlə, yaşayış mən-təqələrində sürət cəmi 60 kilometr və ondan aşağı olduğuna görə burada işarəni radara, tutaq ki, 50 metrdən 80 metrə qədər, yaxud 80 metrdən 100 metrə qədər qalmış qoymaq olar. Həmin işarənin 50 metrdən 200 metrə qədər məsafədə qoyulması, hesab edirəm ki, doğru yanaşma deyil. Bu mənim şəxsi qənaətimdir.
Bir məsələ də magistral yollarda sürətin az olması ilə bağlıdır. Məsələn, aeroport yolunda maksimum hədd saatda 120 kilometr qoyulub.  Çox normaldır. Burada heç bir tıxac yaranmır və başqa neqativ hallar da  baş vermir. Amma elə magistral yollar var ki, orada maşın 3 saat, 4 saat yol getməlidir. Məsələn, Quba yolunda sürət saatda 90 kilometr müəyyən edilib. Bu yolda yol polisi əməkdaşı istənilən sürücünü saxlayıb cərimə edə bilər ki, sən sürəti aşmısan. Çünki orada 90-la sürən yoxdur. Birinci kateqoriyalı magistral yolda gərək sənin əsəblərin daşdan yox, poladdan ola ki, sən orada 90-la maşın sürəsən. İstər-istəməz hamı saatda 100, 110, 120 kilometr sürətlə sürəcək. Onda da polis işçisi saxlayıb, istənilən sürücünü cərimə edə bilər. Onun üçün də mən düşünürəm ki, magistral yollarda sürətin yuxarı həddi saatda 120 kilometr qoyulmalıdır. Burada Yol Polisinin əməkdaşları iştirak edirlər. Mən hesab edirəm ki, bunu mütləq nəzərə alarlar.
Mülki Məcəlləyə əlavə və dəyişikliklə bağlı mənim demək istədiyimi burada Fazil bəy artıq qeyd etdi. Sanki çalışılır ki, vətəndaşlardan daha çox pul qoparılsın. Niyə bir ildən  bir etibarnamə dəyişdirilməlidir? Mən bunun mənasını anlamıram. Düşünürəm ki, Mülki Məcəlləyə edilən dəyişikliyə – vətəndaşların üzərinə əlavə xərac qoyan 63.3-cü maddənin əlavə olunmasına heç bir ehtiyac yoxdur. Bu, ümumiyyətlə, gündəmdən çıxarılmalıdır. 
İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi ilə bağlı. Biz Avropaya inteqrasiya olmaq istəyirik. Orada hər kəs istədiyi adama öz avtomobilini verir və  deyir, al bunu sür. Bunun üçün heç bir etibarnaməyə  ehtiyac yoxdur. Biz isə bunu inzibati hüquqpozma kimi qiymətləndirir və buna görə cərimə nəzərdə tuturuq. Məsələn, üç nəfər dayanmışıq, deputat yoldaşıq, biri deyir, mənə maşın lazımdır, deyirəm, al açarı, maşını götür, çıx get. Deməli, bunun üçün gedib bunu notariusda qeydə aldırmalıyam. Sivil ölkələrdə belə şey yoxdur, bizdə də bu, aradan qaldırılmalıdır. Əgər vətəndaş gedib, harasa müraciət etsə ki,  mənim  maşınımı oğurlayıblar, o, qeydə alınır və onun maşınını axtarırlar. Yoxsa bu nə biabırçılıqdır?! Mütləq gətir, etibarnamə verək.
Sonra, etibarnamənin qeydə alınması ilə də bağlı demək istəyirəm ki, indi notariuslar qeydiyyat haqqında məlumatı Yol Polisinə – mərkəzə ötürürlər. Ona görə vətəndaşın  Yol Polisinə gedib, o etibarnaməyə möhür vurdurmağının mə-nası yoxdur. Bəzən şəhərin bir hissəsindən  başqa bir hissəsinə gedib-gəlmək saatlarla vaxt aparır. İnsanların işi-gücü var. Ona görə, məncə, bu etibarnamələrin...
Sədrlik edən. Sağ olun, Qüdrət müəllim. Musa Qasımlı.
M.Qasımlı. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Təklif olunan dəyişikliklərə səs verəcəyəm. Amma bəzi məsələlərə diqqət yönəltmək istəyirəm. Bir neçə il əvvəl ölkəmizdə müasir, yaxşı yolların tikilməsini biz ancaq arzu edə bilərdik. İndi bu arzu gündəlik həyatımızda gerçəkliyə çevrilib. Amma bu yaxşı yollar özləri ilə yol-nəqliyyat hadisələrinin və nəticədə insan ölümlərinin artması kimi bir problem də gətirib. Bu problemin qarşısını Yol Polisinin, Yol Patrul Xidmətinin gücü ilə  almaq çox çətindir. Təbii ki, bunun qarşısını radarlarla da almaq mümkün deyil. Radarların quraşdırılması ancaq  sürəti tənzimləyir. Mən hesab edirəm ki, bu dəyişikliklər ilk növbədə yol-nəqliyyat hadisələri  nəticəsində insan ölümünün  azalmasına xidmət edir. Sözsüz ki, bunlar müsbət dəyişikliklərdir.
Amma mən nəyi diqqətinizə çatdırmaq istəyirəm?  Fikrimcə, hökmən sənədlərin verilməsi işini sadələşdirmək, cəzaları sərtləşdirmək lazımdır. Əgər biz, həqiqətən, insan-larımızın daha sağlam olmasını, yol-nəqliyyat  hadisələri nəticəsində əlillərin və ölənlərin sayının azalmasını istəyiriksə, cərimələr hökmən sərtləşdirilməlidir. Biz əgər cəzaları yüngülləşdirməyə doğru  gedəcəyiksə, o zaman anarxiya olacaq. Çünki yolda əgər radar olmasa, kim necə istəsə sürəcək. Əgər yol polisi olmasa, qayda ilə maşın sürən çox az adam tapmaq olar. Biz hər halda özümüzü tanıyırıq. Mən bu məsələni diqqətinizə çatdırmaq istəyirdim.
Qeyd etmək istədiyim ikinci məsələ qanunlarımızın dili ilə bağlıdır. Hörmətli Ziyafət müəllim, bizim qanunlarımıza məişət dili gəlməməlidir. Qanunlarımız təmiz ədəbi dildə olmalıdır. Məsələn, burada, – hörmətli Əli müəllimin də diqqətini buna yönəltmək istəyirəm, – yazılıb: “kənardan müvafiq radardan 150–1000 metr qabaqda”. Qabaqda deyil,  radar quraşdırılan məsafəyə filan qədər qalmış, ya filan məsafədə olan. Bu ifadələr bizim ana dilimizin qaydalarına uyğun deyil. Bu bir məsələ.
İkinci, hörmətli Ziyafət müəllim, qanunlarımız ana dili-mizin zənginliyini qorumalıdır. Biz ana dilimizin, – bu ifadəni işlətmək istəməzdim, – zibillənməsinə yol verməməli-yik. Bizim ana dilimizdə 10 milyon kəlmə yoxdur. Azərbaycan Respublikasında bizim sayımız 10 milyondur. Bu dilə hərəmiz bir kəlmə gətirsək, 10–15 ildən sonra dilimizdən heç bir şey qalmaz. Bu “bordür” sözü nədir? Bu sözün bir qarşılığını tapmaq lazımdır. Bu, səki daşlarıdır, bordür deyildir. Bəlkə də “bordür” sözü bizim ədəbi dilimizə gəlib, mən bilmirəm. Bəlkə mən səhv edirəm. Amma hesab edirəm ki, hər qanuna biz 3-4 dənə yad kəlmə gətirsək, sabah bizim övladlarımız Azərbaycan dilində, Azərbaycan ədəbi dilində, anamızın bizə öyrətdiyi dildə danışmayacaqlar. Hesab edirəm ki, bu məsələlər çox ciddi şəkildə nəzərə alınmalıdır.
Mən burada Dövlət Yol Polisinin əməkdaşlarının olmasından istifadə edərək bir xahişimi səsləndirmək istərdim. Fikir verirsiniz, hər ilin sonunda Prezident Administrasiyası “Azərbaycan” qəzetində hesabat verir. Hökumətimiz Milli Məclisdə hesabat verir, nazirliklərimiz hesabat verir. Yol Polisi də bizim mətbuatımızda, kütləvi informasiya vasitələrində hesabat versin, hansı qəzalar nə qədər olub.
Bayaq Vahid müəllimin verdiyi sual çox doğru sualdır, yerində sualdır. Biz işimizi irəliyə aparmalıyıq. Mən hesab edirəm ki, bu qanun da ona yönəlib. Ona görə də mən bu dəyişikliklərə səs verəcəyəm və deputat  həmkarlarımı da buna dəvət edirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Musa müəllim, təşəkkür edirəm. Mən Sizinlə tamamilə razıyam. Ümumiyyətlə, qanunvericiliyin dili məsələsi olduqca  ciddi məsələdir. Mən Sizinlə 100 faiz razıyam ki, qanunvericilik dilinin ekspertizası hələ bizim arzuladığımız səviyyədə deyil. Doğrudan da,  bəzən elə hallar olur ki, məişət sözləri gəlib qanunvericilik   aktlarına düşür. Bu, əlbəttə, qəbuledilməzdir.
Bir məsələdə də mən Sizinlə razıyam. Biz qanun-vericilikdə bu sanksiyaları nə qədər sərtləşdirsək də, istədiyimiz effekti almayacağıq. Birinci növbədə bu, sürücülərin özlərindən asılıdır. Biz hər şeyi qoyaq polisin boynuna ki, polis yolda hərəkəti tənzimləyəcək. Amma insanların özündən də çox şey asılıdır.
İnsanların bu qanunvericiliyin tələblərini bilməsi üçün birinci növbədə təbliğat getməlidir. Bizim televiziyalar... Baxırsınız, 3-4 nəfər əyləşib. Tezdən bura dolu idi. Hamı gəlir, gözləyir, görək Milli Məclisdə kim kimlə dalaşacaq, kim kimlə atışacaq ki, onu səhər qəzetdə yazaq. Bu qədər televiziya kanalları, bu qədər qəzetlər olsa da, hüquqi təbliğat sıfır dərəcəsindədir. Hüquqi təbliğat, hüquqi tərbiyə, hüquqi mədəniyyət, hüququn aliliyi – bunlar  böyük dəyərlərdir. Biz gərək bunları təbliğ edək axı. Nə qədər gic-gic, mənasız verilişlər olar televiziyalarda?
Görün, bir dənə qanun layihəsini təbliğ edirlər, izah edirlər? 3-4 nəfər əyləşib. Halbuki çox ciddi qanun layi-hələridir. Bu qanunda sadalanan müddəalar hər birimizin, hər bir insanın – jurnalistin də, sənin də, mənim də hər gün qarşılaşdığımız məsələlərdir. Gəlin, bunu yazın, işıqlandırın, qoy camaat bilsin. Bu qanunlar arxiv üçün deyil, deputatlar üçün deyil, hamı üçündür, xalq üçündür. Təəssüf edirəm, bax belə hallar da olur, çox təəssüf edirəm. Mübariz Qurbanlı.
M.Qurbanlı. Təşəkkür edirəm, Ziyafət müəllim. Təbii ki, mən komitənin üzvü kimi bu qanuna səs vermişəm və indi də bütövlükdə bu qanunu müdafiə edirəm. Ancaq bir məsələyə toxunmaq istəyirəm.
Birincisi, radarla bağlı. Radar sürəti məhdudlaşdırma nişanı deyil, radar, əslində, sürəti artıran sürücünü müəyyənləşdirmək üçün bir texniki vasitədir. Əvvəllər radarların yerləşdiyi ərazilər sürücülər tərəfindən bəlli olmurdu. Əslində, belə də olmalı idi. Sürücü əgər qabaqda radar olduğunu görürsə, yaxınlaşıb sürəti azaldır, sonra yenə atrırır. Bayaq məhdudiyyət var idi ki, 120 ilə getməlidir, 150 ilə gəlir, radara çatanda sürəti azaldır, sonra yenə də 150 ilə gedir və yol-nəqliyyat hadisəsi törədir, özünü və qarşıdan gələn nəqliyyat vasitəsini təhlükəyə məruz qoyur.
İndi gəlmişik, bu həddə çatmışıq. O qədər dedilər, danışdılar, radar üçün də ayrıca nişan qoyuruq ki, sən bərk gəlir-sən, yavaş gəl, sənin şəklini çəkə  bilərik. Yaxşı, deyək ki,  yavaş gəldi, sonra yenə də bərk sürməyə başladı. Bu nəyi həll edir?
Dünyada yol nəqliyyat hadisəsi, tıxaclar  məsələsi tək bizə aid deyil. Amerikada artıq gələn ildən uçan maşınların istehsalına başlayırlar. İkinəfərlik avtomobillər 50 metr məsafədə göylə gedəcək. Daha bir variant yeraltı yola keçiddir. Dünya bunun üzərində düşünür, tək biz düşün-mürük.
Dünyada bunun həlli yolu necə tapılıb? Misal üçün, Qərb ölkələrində A-dan B-yə gedən  baş magistral yolda radarlar quraşdırılıb. A məntəqəsindən çıxan avtomobilin sürəti B məntəqəsində avtomatik hesablanır. Heç kim lazım deyil, heç sürücünü də heç kim saxlamır. Deyirlər, sən A-dan B-yə orta hesabla 120 ilə gəlsəydin, 3 saata çatacaqdın, amma 2 saata çatmısan. Uçmusan sən, göylə gəlmisən? Bu cür məsələləri dünyada texniki yeniliklərin  tətbiqi ilə həll edirlər.
Biz bu gün radardan danışanda az qala belə təəssürat yaranır ki, radar sürəti azaltmaq lazım olduğunu göstərən xüsusi bir nəqliyyat nişanıdır. Halbuki radar elə sürəti artıranları aşkarlamaq üçündür. Radara qədər məsafəni göstərən işarə ona görə deyil ki, sürücü radara  çatanda  əyləci bassın. Əyləci basıb, radardan saatda 30-la keçib, sonra da 150-yə qalxacaqsa,  radara o boyda xərc çəkilməsinin əhəmiyyəti yoxdur.
Mən bayaq  iclasdan əvvəl Ramiz müəllimə yaxınlaşdım, söhbət etdim. Bütün dünyada ictimai nəqliyyatı tənzimləməyin qaydası artıq tapılıb. London şəhərini üç yerə bölüblər. Londonun mərkəzinə  girənə qədər  maşın sürmək üçün əlavə pul ödəyirsən. İkinci xətdə başqa pul ödəyirsən və sair.
Başqa ölkələrdə nə ediblər? Magistral yollarda ictimai nəqliyyat üçün zolaqlar qoyublar. Bizdə, Allah göstərməsin, baş magistral yollarda qəza baş versə, əgər birxətli yoldursa, heç təcili yardım maşını ora gələ bilmir, ancaq helikopterlərdən istifadə etməliyik, başqa cür mümkün deyil. Bakıda əgər çətinliklər varsa, bu üsulu şəhərin əsas yollarında tətbiq eləmək lazımdır. İctimai nəqliyyat ayrıca yolla getməlidir. Moskva bunu eləyir. Biz deyirik, Bakının küçələri darısqaldır. Londonun küçələri məgər darısqal deyil? Avropada da darısqal küçələr var, amma orada avtobus hərəkət edir və nəqliyyat tıxacları, ictimai nəqliyyatın hərəkəti ilə bağlı problem yaranmır. İctimai nəqliyyat çox vacibdir. İctimai nəqliyyat  dəqiq işləyəndə insanların xüsusi avtomobillərdən istifadəsinə o qədər də  ehtiyac qalmır.
Biz yaşayış məntəqələrinin ərazisində sürəti məhdud-laşdırmışıq, düz eləmişik. Amma bundan sonra baş yolların yaşayış məntəqələrinə keçidi məsələsinə baxmaq lazımdır. Orada da xüsusi zolaqlar yaradılmalıdır. Orada sürəti məh-dudlaşdırmaq olmaz. Məsələn, Bakıdan Gəncəyə qədər yeni qəsəbələr salınır və biz əgər həmin məhdudiyyəti tətbiq eləsək, Bakıdan çıxan avtomobil Gəncəyə 10 saata gedib çata bilər. Bu, nəzərə alınmalıdır. Bununla yol tikintisi ilə məşğul olan idarələr məşğul olmalı, Yol Polisi bununla əlaqədar təlimatlar hazırlamalıdır. Şəhərlərin içərisində məhdudiyyət qoyulur. Problem çoxdur. Amma həlli yolları...
Sədrlik edən. Sağ olun. Etibar Hüseynov.
E.Hüseynov. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Mən təhlükəsizlik kəmərləri ilə bağlı məsələyə toxunmaq istəyirəm. Budəfəki dəyişikliyə görə cərimələr 20 manatdan artıq 40 manata qaldırılır. Sual olunur, bu bizim məkan, bizim məmləkət üçün kifayət qədər yüksək qiymət deyilmi? Mən insanların tək maddi durumunu demirəm, həm də bu prosesə əməl etməyi qeyd eləmək istəyirəm. Bu gün Bakının yollarında müəyyən saatlarda heç piyadalar düz-əməlli  hərəkət eləyə bilmirlər, o ki qala tıxaclarda maşınlar. Paytaxtda maşınlar nə qədər hərəkət eləyə bilirlər ki? Üstəlik sürücülər də təhlükəsizlik kəməri taxmalıdırlar və bunu taxmayanlar da 40 manat həcmində cərimə olunmalıdırlar.
Qanuna görə təkcə sürücü deyil, onun yanında əyləşən insan da,  arxada oturanlar da təhlükəsizlik kəməri taxmalıdırlar. Bu qaydaya nə qədər insanlarımız əməl edirlər? Aydındır ki, bu cərimələrin qaldırılması  sürücülərlə yol polisi arasındakı alveri daha da dərinləşdirir. Yenə cərimələr aşağı olanda  sürücülər cəriməni ödəyirlər. Ancaq yüksək olduqca onun müəyyən qismini yol polisinə verməklə canlarını qurtarırlar.
O cümlədən bir daha qeyd etmək istəyirəm ki, insanlarımızın maddi durumu... Bir çoxları sürücülüklə məşğul olur, taksilərdə işləyirlər. Ancaq paytaxtdakı vəziyyət o həddədir ki, onlar hər dəqiqə bu kəməri taxa bilmirlər. Biz bu dəyişiklikləri etməklə yol polisinə əlavə alibi vermiş oluruq. Ona görə hesab edirəm ki, cərimələrin qaldırılması düzgün deyil. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Çingiz Qənizadə.
Ç.Qənizadə. Təşəkkür edirəm. Hörmətli Ziyafət müəllim, mən fikirlərimi sizin fikirlərinizə qüvvət olaraq bildirmək istəyirəm. Mən də çıxışa yazılmışdım, təkrarçılıq olmasın.  Maşını, avtomobili idarə etmək özü bir mədəniyyətdir. Biz nə qədər ki bu mədəniyyəti özümüzə aşılamamışıq,  buna nail olmuşuq, nə inzibati, nə də digər metodlarla belə hərəkətlərin qarşısını ala bilməyəcəyik. İstəyirəm qanunlara əlavələrlə bağlı konkret fikrimi bildirim.
“Yol hərəkəti haqqında” Qanunun 50-ci maddəsindəki radar məsələsinə münasibət bildirildi. Bu gün beynəlxalq normalar tələb edir ki,  mobil və ya stasionar xüsusi texniki vasitələr (radarlar) qoyulubsa, bundan ötrü mütləq xəbər-daredici nişanlar olmalıdır. Mən, təbii ki, bu qanunun, 50-ci maddənin tətbiqinə tərəfdaram. Ümumiyyətlə, bu layihə bizim komitədə müzakirə olunub və biz buna səs vermişik. Mən də bu əlavələrin hər birini müdafiə edirəm.
85-1-ci maddə barədə həmkarım Fazil müəllim qeydini dedi. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında protokolun surəti dərhal sürücüyə verilir. Sürücü inzibati tənbeh növü ilə razı olmadıqda onun şikayəti müvafiq orqana göndərilir. Həmkarım Fazil müəllim qeyd etdi ki, dərhal mümkün olmayacaq, yarım saat, bir saat vaxt verilməlidir. Yüz faiz əmin ola bilərik ki, onda Dövlət Yol Polisi əməkdaşı sürücüyə deyəcək ki, postun qabağında bir saat dayan, bir saatdan sonra  protokolun surətini sənə verəcəyəm. Bu baxımdan mən hesab edirəm ki, dərhal verilməsi mümkündür və burada heç bir çətinlik yoxdur. Ərazi aidiyyəti üzrə müəyyən regional bölgələrdə buna baxılması üçün hazır blanklar olacaq, doldurulub dərhal da verilməlidir. Yəni vətəndaşların müəyyən vaxt gözlədil-mələri yolverilməzdir.
Mülki Məcəllənin 363.3-cü maddəsində edilən dəyişikliklə  layihə bizim komitəyə daxil olanda komitənin sədri Əli müəllimlə bunu müzakirə etdik. Mən məhdudiyyətin tərəfdarı deyiləm. Amma bu gün bir reallıq var. Bir misal çəkmək istəyirəm. Seçildiyim Beyləqan rayonundan bir nəfər mənə müraciət etdi ki, avtomobili etibarnamə yolu ilə almışam. Bununla bağlı Rafiq müəllimlə də, Bakı Şəhər Baş Polis İdarəsi ilə də danışmışam. Həmin şəxs polis əməkdaşı idi və aliment vermədiyinə görə əmlakına həbs qoyulmuşdu. İki ildir, Beyləqanın kəndində yaşayan vətəndaş maşınını nə qeydiyyata aldıra, nə də digər hərəkətlər edə bilir. Bu baxımdan hesab  edirəm ki, avtomobillərin alğı-satqısının notariat qaydada etibarnamə ilə həyata keçirilməsi düzgün deyil. Çünki indi Azercell-ə ən azı 50–100 manat borcu olduğuna görə də şəxsin əmlakına həbs qoyurlar. Bir də görürsən ki, bu həbsin səsi Beyləqandan, Füzulidən, yaxud digər yerlərdən gəlir. Hesab edirəm ki, bu baxımdan burada sərəncam vermək hüququnun məhdudlaşdırılmasını başa düşmək olar.
İnzibati Xətalar Məcəlləsində edilən dəyişikliklərlə bağlı  bir məsələni qeyd edim. Hər gün televiziyada görürük ki, yol polis əməkdaşları “avtoşlarla”, yol hərəkəti qaydalarını bilərəkdən pozan insanlarla hansı formada mübarizə aparırlar. Belə şəxslər hətta onlara da tabe olmurlar, bəzən onları süründürürlər, maşınlarını əzirlər. Cərimələrin artırılması, təbii ki, cəmiyyətə hörmətsizlik edən insanların  qarşısını almaq üçün vasitələrdən biridir. İnzibati üsullarla buna kifayət qədər nail olmasaq da, hər halda müəyyən qədər təsiri olacaqdır.
Mənim dəstəklədiyim məqamlardan biri də  ictimai nəqliyyatın hüquqi sahibləri ilə bağlıdır. Hər gün müxtəlif kanallarda görürük ki, ictimai nəqliyyatı idarə edən şəxslərin ya buna hüququ olmur, ya da sərxoş vəziyyətdə olurlar. Bəzi sürücülərin, ümumiyyətlə, yaş həddi heç buna imkan vermir. Çox təəssüf ki, bizim hüquq mühafizə orqanları avtobusların, ictimai nəqliyyat obyektlərinin sahibləri ilə kifayət qədər mübarizə apara bilmirlər. Mən hesab edirəm ki, burada  cərimələrin 3000–4000 manata çatdırılması həmin vəzifəli və maddi cəhətdən imkanlı şəxslərin məsuliyyətini bir balaca artıracaq. Ən azı pulları getdiyi üçün məsuliyyətləri  artacaqdır və ictimai nəqliyyatı sürücülük vəsiqəsi olmayan, sərxoş vəziyyətdə olan, tibbi müayinədən keçməyən insanlara etibar etməyəcəklər. Tibbi müayinə ilə bağlı bayaq həmkarım da qeyd etdi, mən də qısa məlumat vermək istəyirəm. Bu, şəxsi avtomobilləri idarə edən vətəndaşlara yox, ictimai nəqliyyat, taksi sürücülərinə aiddir. Artıq bu qayda müəyyən olunub. Onlar hər səhər müəyyən tibbi qeydiyyatdan keçməlidirlər və bu da düzgündür. Çünki sərxoş  və yaxud xəstə vəziyyətdə ictimai nəqliyyatın idarə edilməsi onlarla insanın həyatını təhlükəyə atır...
Sədrlik edən. Sağ olun. Eldar İbrahimov.
E.İbrahimov. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli deputat həmkarlarım! Mən də “Yol hərəkəti haqqında” Qanunda edilən  dəyişiklikləri yüksək qiymətləndirirəm və hesab edirəm ki, tamamilə yerində olan məsələdir. Çünki son vaxtlar ölkə rəhbərliyi və Daxili İşlər Nazirliyi  tərəfindən yollarla bağlı çox böyük islahatlar aparılır. Təbii ki, biz də bunu qanunlarla tənzimləməliyik ki, yol hərəkəti ilə bağlı yaranmış nöqsanlar aradan qaldırılsın. Hörmətli həmkarlarıma deməyi artıq hesab edirəm ki, yol hərəkəti haqqında qəbul etdiyimiz qanunların başında ancaq və ancaq vətəndaşlarımızın təhlükəsizliyi durur. 
Hörmətli həmkarlarım Bahar xanım da, Fəttah müəllim də buradadırlar. Biz bir dəfə onlarla Barselonadan Andorraya gedirdik. Andorra balaca bir ölkədir. Orada ATƏT-in iclası var idi. Oraya təyyarə işləmir deyə avtobusla gedirdik.  Mən avtobus sürücüsünə diqqət edirdim. Yolda 90 yazılırdısa, sürəti 90-a qaldırırdı, 60 yazılırdısa, 60-a endirirdi. Sürət məhdudiyyəti qoyulubsa, ondan bir az da olsun artıq-əskik sürmürdü, çünki yollarda sürət göstərilir. Bayaq dedilər, aeroport yoluna 120 km sürət qoyulub. Yol gözəldir, əlbəttə, 120 ilə sürmək lazımdır. Maksimum sürətin məhdudlaşdırılması  haqqında 50-ci maddədə çox gözəl yazılıb və mən də buna tərəfdaram. Amma gəlin görək buna əməl edən var?!
Şəhərin içində gedirik. Hər birimiz vəzifəli adamıq, deputatıq, hamımızın da maşınımız var. Bir də görürsən, bir “Jiquli” maşına dırmaşır, iki təkər üstündə sürür. Özü də bu “Jiquli”ni saxlayırsansa, arxasından on vəzifəli, iyirmi varlı-karlı adam çıxır ki, onu niyə  tutursan? Mən bunları Dövlət Yol Polisini müdafiə etmək üçün demirəm. Özüm də istirahət günləri maşın sürürəm. İnanın, maşın sürmək mümkün deyil, biri sağdan, biri də soldan keçir.  Az qalırlar ki, adamı vurub öldürsünlər. Hesab edirəm ki, bunun cəriməsi daha çox olmalıdır. Biz gözləməliyik ki, vətəndaş-larımız ölsünlər? Hər gün ürəkağrısı ilə televiziyaya baxırıq ki, ikisi orada qəzaya düşdü öldü, birini burada maşın vurdu. Nə qədər insan qırılacaq? Biz profilaktik tədbirlər tətbiq etməliyik. Mən razıyam ki, cərimə 100 manatdan lap 1000 manatadək qaldırılsın. Bəlkə o zaman bu “avtoşlar” imkanı olmasın, pulu çatmasın deyə abır edib yerlərində oturarlar. Bu şəhərdə maşını pis sürənlər  kimdir? Hamısı imkanlı adamların uşaqlarıdır. Onların qarşısı bəlkə bu yolla alınar.
Ziyafət müəllim, tamamilə düz dediniz ki, təbliğat işləri güclü olmalıdır. Həm sürücülər, həm də Dövlət Yol Polisi işçiləri arasında təbliğat aparmar lazımdır. Düzdür, biz bilmirik, görmürük, amma mən azdan-çoxdan eşidirəm, bilirəm. Son vaxtlar yığılan cərimənin 25 faizi Dövlət Yol Polisi işçilərinə verilir. Sizə deyim ki, burada çox böyük üstünlük var. Bayaq hörmətli həmkarım Əli müəllim də qeyd etdi. Bir var ki, Dövlət Yol Polisinin əməkdaşı kimdən isə qıraqda pul alır, onu da işdən çıxarırlar. Bir də var ki, cərimə edir, həmin cəriməni də yığır,  faizini  alır. Bu daha yaxşı haldır. Amma o demək deyil ki, yol polisləri  hamısı düzəlib, heç kim kənarda pul almır, yaxud da kimi isə incitmir. Çox təəssüflər olsun ki, bu da var. Ona görə də hesab edirəm ki, bunların arasında güclü təbliğat işi aparıl-malıdır, müəyyən tədbirlər keçirilməlidir. Belə qanunsuz hərəkət edən Dövlət Yol Polisi işçisinin işdən çıxarılması haqqında da məlumat verilməlidir ki, insanlar belə polis işçilərinin cəzasız  qalmadıqlarını bilsinlər.
Ramiz müəllim buradadır, mən onun burada olmasından istifadə edib bəzi məsələləri demək istəyirəm. Yenə deyirəm,  vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək, qəzaların azalmasına nail olmaq üçün  bu cərimələrin artırılmasına tərəfdaram.
Hörmətli həmkarım  Əli müəllim  Mülki Məcəllədə, İnzibati Xətalar Məcəlləsində çox yüksək səviyyədə edilən dəyişikliklərə aydınlıq gətirdi. Mən də onu dəstəkləyirəm və hesab edirəm ki, hörmətli həmkarlarım da  bu qanun layihəsinə səs verəcəklər. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, Eldar müəllim. Bahar xanım, buyurun.
B.Muradova. Çox təşəkkür edirəm, Ziyafət müəllim. Mən təklif olunan üç qanun layihəsində irəli sürülən dəyişikliklərə tam tərəfdaram və həmkarlarımla şərikəm ki, qayda-qanun yaratmaq üçün cəzaların, cərimələrin daha da sərtləşdirilməsi müəyyən qədər müsbət effekt verib və verəcəkdir. Mən başqa bir məsələyə diqqət yönəltmək istəyirəm.
Hamımız baş vermiş qəzaların yoldakı vəziyyətlə, sürücülərin qayda-qanuna əməl etməmələri ilə əlaqədar olduğunu deyirik. Bilmirəm, nə dərəcədə doğrudur, müvafiq qurumlar, onların rəhbərləri gələcəkdə bunu nəzərə ala bilərlər, ya yox? Hazırda Azərbaycanda mövcud nəqliyyat vasitələrinin hansı qisminin keçmiş Sovet İttifaqında istehsal olunduğunu, nə qədərinin başqa ölkələrdən gətirildiyini deyə bilmərəm. Amma gündə bu yollarda hərəkət edərkən onların çoxluq təşkil etdiyini görürük. Bu adı çəkilən “Jiquli”ləri mən  “qatil maşın” adlandırıram. Onlar qatildirlər.  Azərbaycanda  bu maşını əldə edənlərin, sürənlərin  çoxu nisbətən aşağı sosial vəziyyətə malik  insanlardır. Eləcə də  bu sahədə, nəqliyyatı idarə etmək baxımından aşağı səviyyədə biliyə və savada malik  insanlardır. Onların sürücülük vəsiqələrini əldə etmələri prosesində baş verən neqativ halları  biz də bilirik. İndi bu sahədə təkmilləşmə, müəyyən müsbət irəliləyişlər var. Onlar bu qaydaları həqiqi mənada mənimsədikdən sonra sürücülük vəsiqəsini əldə edirlər.
Amma  biz çox rast gəlirik ki, azyaşlı uşaqlara maşın həvalə edirlər. 300 manat ilkin ödəniş edib kreditlə maşın götürmüş ata 5–6 yaşında olan oğlunu sükan arxasında əyləşdirir və ona maşın sürməyi öyrədir. Biz bu hallarla Bakı kəndlərində daha çox rastlaşırıq. Bununla əlaqədar nə qədər qəzalar törədilir, faciəli hadisələr baş verir.
Yolların infrastrukturunun yaxşılaşdırılması öz yerində, bununla yanaşı, aldığımız maşınların texniki imkanlarının da yaxşı olmasını təmin etməliyik. Mənə elə gəlir ki, biz keçmiş sovet respublikalarından, xüsusilə Rusiyadan daxil olan maşınların hansı ildə istehsal edildiyini və yaxud da onların markasını,  sürücü, sərnişin üçün nə dərəcədə rahatlıq təmin etməsini nəzərə almalıyıq. Bunların Azərbaycana gətirilməsini məhdudlaşdıran  addımlar atmalıyıq. Çünki, yenə qeyd edirəm, qəza hadisələrinin əksəriyyəti məhz aşağı səviyyəli savada, biliyə, səriştəyə malik  insanların  belə maşınları idarə etmələri nəticəsində baş verir. Mən aidiyyəti qurumlardan çox xahiş edirəm ki,  gənclərimizin həyatını puç edən, ailələri gözüyaşlı qoyan bu cür avtomobillərin Azərbaycana gətirilməsinə müəyyən qədər qadağa qoyulsun. Əli müəllim, gələcəkdə bununla bağlı hansı dəyişiklikləri etməliyik və ya edə bilərik? Bunun  üzərində düşünməliyik. Azərbaycan inkişaf etmiş bir ölkədir. Onun inkişaf etmiş yollarında yüksək səviyyəli, yüksək standarta malik maşınlar daha çox üstünlük təşkil etməlidir.
Bu gün  fikirlər səslənir ki, Azərbaycanda məmurlar, mil-lət vəkilləri, ayrı-ayrı dövlət orqanlarının rəhbərləri çox yüksək standarta malik  maşınlar sürürlər, daha doğrusu, onlara dövlət tərəfindən belə maşınlar ayrılır və bunları aşağı standartlı maşınlarla əvəz etmək lazımdır. Amma mən düşünürəm ki, əksinə, biz standartı bir az da qaldırmalıyıq. İmkanı çatan adi insanlar üçün də yüksək standartlı maşınların Azərbaycana gətirilməsi və onların təmir olunması işini təşkil etməliyik. Azərbaycanın inkişafı hər bir sahədə özünü göstərməlidir. Mən aidiyyəti qurumlardan çox xahiş edirəm, Azərbaycanda bu qatil maşınların sayı azaldılsın. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Bahar xanım. Rafael Cəbrayılov.
R.Cəbrayılov. Çox sağ olun, Ziyafət müəllim, təşəkkür edirəm. Hörmətli həmkarlar, əvvəla, “Yol hərəkəti haqqında” Qanunla bağlı  fikrimi bildirmək istəyirəm. Nəzərə alsaq ki, son dövrdə yol hərəkəti qaydalarının nizamlan-masında texniki vasitələrin rolu günü-gündən artır,  belə layihələrin müzakirəyə çıxarılması da təbii bir haldır. Mən layihəni dəstəkləyirəm və buna səs verəcəyəm. Amma kiçik  texniki yanlışlıqların üzərində dayanmaq istəyirəm.
Söhbət “Yol hərəkəti haqqında” Qanunun 50-ci maddəsində yaşayış məntəqəsindən kənarda, radara qədər olan müəyyən məsafədə servis nişanının qoyulmasından gedir. Amma  “servis nişanı” sözləri  bir az abstraktdır. Çünki bildiyimə görə, “Yol hərəkəti haqqında” Qanuna əsasən servis nişanlarının sayı 18-dir. Amma burada hansı servis nişanının nəzərdə tutulduğu göstərilməyib. Sözsüz ki, söhbət informasiya stendi servis nişanından gedir. Mən təklif edirəm ki, bu yanlışlıq düzəldilsin, “servis nişanı” sözləri əvəzinə “informasiya sistemli servis nişanı” sözlərindən istifadə edilsin.
Belə yanlışlıqlardan söz düşmüşkən, “Yol hərəkəti haq-qında” Qanunun 30-cu maddəsini də xatırlatmaq istəyirəm. Orada da belə xırda bir yanlışlıq var. 30-cu maddədə deyilir ki, avtomobillərin texniki baxışdan keçirilməsi üçün avtomobilin sahibi dövlət rüsumunu və vergini ödəyir.  Vergilər Məcəlləsinə görə verginin növləri çoxdur, burada avtomobil sahibinin yalnız yol vergisini ödəməsi nəzərdə tutulur. Buna görə  təklif edirəm ki, 30-cu maddədə “dövlət rüsumunu və yol vergisini ödəyir” sözləri olsun, çünki təkcə “vergi” sözü həmin fikri əhatə etmir.
İnzibati Xətalar Məcəlləsi ilə bağlı isə başqa  fikirdəyəm. Bu gün qüvvədə olan qanunvericiliyə görə avtomobil yüksək təhlükə mənbəyi hesab edilir. Yüksək təhlükə mənbəyinə də münasibət xüsusi olmalıdır. Heç kimin sürücülük hüququ olmadan sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə edərək ətrafdakıların həyatını, sağlamlığını təhlükə qarşısında qoymağa mənəvi haqqı yoxdur. Bu baxımdan müzakirəyə çıxarılan layihədə  sürücülük hüququ olmadan nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməyə görə, habelə nəqliyyat vasitəsinin sahibi tərəfindən nəqliyyat vasitəsini sürücülük hüququ olmayan və sərxoş vəziyyətdə olan şəxsə verməyə görə, sərxoş vəziyyətdə qəza törədən sürücünün tibbi müayinədən keçməkdən imtina etməsinə görə inzibati cərimələrin artırılmasını  xüsusilə alqışlayıram. Burada cərimələrin məbləği təxminən 80–100 faiz  artırılıb. Düşünürəm ki, bu da təbii bir haldır.
Bəzi həmkarlarım cərimə sanksiyalarının artırılması ilə razılaşmırlar. Amma nəzərə almaq lazımdır ki, törədilən əməllə görülən tənbeh tədbiri arasında bir ekvivalentlik olmalıdır. Cinayət Məcəlləsində də, İnzibati Xətalar Məcəlləsində də tənbehin və cəzanın məqsədi bu şəkildə izah edilir. Əgər görülən tənbeh tədbiri törədilmiş xətaya uyğun, ona ekvivalent deyilsə, bunun heç bir əhəmiyyəti də olmayacaq. Yəni qanunda göstərilən  məqsədləri əhatə edə bilməyəcək.
Mən 154-cü maddə ilə bağlı müsbət bir məqamın üzərində dayanmaq istəyirəm. 154.1-ci maddədə nəqliyyat vasitəsini dövlət qeydiyyatından və texniki baxışdan  keçirməməyə görə inzibati məsuliyyət nəzərdə tutulur. Hüquqi dəqiqləşdirmə baxımından bugünkü dəyişiklik xüsusilə təqdirəlayiqdir. Çünki nəqliyyat vasitəsini dövlət qeydiyyatından və texniki baxışdan  keçirmədən idarə etməyə görə məsuliyyət yaranır.  Ola bilər ki, şəxs nəqliyyat vasitəsini dövlət qeydiyyatından və texniki baxışdan keçirmir, eyni zamanda da sürmür, yəni yol hərəkətinin subyektinə çevrilmir.
Bu layihə ilə bağlı 159.1-ci maddənin üzərində dayanmaq istəyirəm. Burada inzibati cəriməni ödəməməyə görə qüvvədə olan qanunla 6 ay  sürücülük hüququndan məhrumetmə nəzərdə tutulur. Layihədə isə bu müddət bir-iki ilə qədər artırılır. Mən düşünürəm ki, bu, düzgün deyil. Çünki sürücülük hüququndan 2 ilə qədər məhrum edilən şəxs  yenidən sürücülük vəsiqəsi almaq üçün imtahan verməlidir. Şəxsin yol hərəkəti qaydalarını pozduğuna görə deyil, cəriməni ödəmədiyinə görə bu hüquqdan məhrum olunması düzgün deyil.
Sədrlik edən. Sağ olun, Rafael müəllim, təşəkkür edirəm. Qanun layihələri ilə bağlı artıq 12 nəfər çıxış edib. Çıxış edənlərin, demək olar, əksəriyyəti  eyni maddələr üzrə fikir bildirirlər. Bu, başa düşüləndir, çünki bizi daha çox narahat edən məhz bu maddələrdir. Hesab edirəm ki, Əli müəllim layihə ilə bağlı kifayət qədər geniş məlumat verdi, yəqin, əlavə məlumata ehtiyac olmayacaq. Əlbəttə, gələcəkdə bizi narahat edən bu məsələlərlə əlaqədar yeni qanun layihələri də işlənə, əlavə dəyişikliklər də edilə bilər. Amma hesab edirəm, indi bu məsələni uzatmağın mənası yoxdur, çünki qonaqlarımız var. Hörmətli mədəniyyət, incəsənət xadimləri iclasımızda iştirak edirlər. Gündəlikdə Mədəniyyət haqqında qanun layihəsi var. Etiraz etmirsinizsə, bu məsələnin müzakirəsini yekunlaşdıraq. 
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Bəli, təklifləriniz varsa, çox xahiş edirəm, yazılı şəkildə Əli müəllimə təqdim edin. O da qanunvericilik təşəbbüsünün subyekti ilə bir daha məsləhətləşər. Mümkün olanlar qəbul edilər, mümkün olmayanlar isə gələcəkdə qanun layihələrimizdə əks olunar. Yekun olaraq bir məsələni demək istəyirəm.
Hörmətli deputat həmkarlarım, hörmətli qonaqlar və mətbuat nümayəndələri! Hər üç qanun layihəsinin çox gözəl fəlsəfəsi var. Bunların  mənası ondan ibarətdir ki, bizim sürücülərimizin təhlükəsizliyi yüksək səviyyədə təmin olunsun. Bunun hamısı insan naminədir. Bu belə də olmalıdır, çünki biz hüquqi dövlət qururuq.  Azərbaycanda hər bir insanın,  şəxsiyyətin layiqli həyat yaşaması dövlətin ali məqsədidir. Amma gəlin görək mədəniyyətimizlə, tərbiyəmizlə dövlətin qayğısına necə cavab veririk? Bax, məsələ bundadır.
Mən bayaq televiziyalar haqqında təsadüfən demədim. İndi televiziyalar deyəcəklər ki, Ziyafət müəllim bizim üstümüzə düşüb, əsla belə deyil. Sadəcə, mən bunu televiziya rəhbərlərinə ərk ilə deyirəm, gözəl insanlardır, hamısı ilə münasibətimiz var. Məsələn, bir də baxırsan, filan rayonla bağlı tükürpərdici  şok bir xəbər getdi. Nə bilim,  maşın aşdı, 3 adam öldü. Böyük ölkədir, burada  qəza  ola bilər. Hər hadisəni  televiziyaya çıxarıb hər gün insana mənfi emosiya verməyin nə mənası var? Bunun yerinə  hüquqi təbliğatı gücləndirin. Vallah, bu, savab işdir.  Onsuz da müasir dünyamız çox qarışıqdır. Beynəlxalq aləmdə, bilirsiniz, nələr baş verir. Bir tərəfdən də belə xəbərlər.
Bir dəfə bir-iki televiziya rəhbərinə  ərklə dedim  ki, bu-nun nə mənası var? Bunu mənə izah edə bilərsiniz? Bu yaşa gəlmişəm, sizin verdiyiniz  xəbərlərin mənasını tuta bil-mirəm. Filan yerdə avtobus aşdı,  bir nəfər öldü, filan yerdə filankəs qayınanasının, ata oğlunun, qızının başını kəsdi. Ay qardaş, nə demək istəyirsiniz? Bu camaatdan nə istəyirsiniz? Dedi ki, Ziyafət müəllim, xoşun gəlmir, bağla. Allaha and olsun, həmin gündən mənim evimdə həmin iki kanala baxılmır. Dedim: qardaş, mənim sənə təsir etmək gücüm yoxdur, gücüm yalnız ona çatır ki, sənin kanalına baxmayım, heç əsəblərim də korlanmasın. Düzdür, bu, normal cavab deyil. Bu nə sözdür, xoşun gəlmir, baxma? Bu nə deməkdir? Bəs yaxşı mən nəyə baxım? Bu televiziya açılıb ki, mən də baxım da? Elə deyil? Mən də tamaşaçıyam, tələb edirəm ki,  normal, insanları maarifləndirən,  biliklərini artıran verilişlər verilsin.
Mənə bəzən deyirlər ki, filan verilişin reytinqi çoxdur. Ay qardaş, sən  kütlə səviyyəsinə enmə, əksinə, camaatı xalq səviyyəsinə qaldır. Niyə kütlənin arxasınca gedirsiniz? Sən verilişlərin ilə camaatın səviyyəsini qaldır. Plankanı nə qədər aşağı endirmək olar? Nə isə. Çox üzr istəyirəm, vaxtınızı  almayım.
Xahiş edirəm, 5-ci məsələyə –  “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında qanun layihəsinə  münasibət bildirəsiniz.

Səsvermənin nəticələri (saat 17.12 dəq.)
Lehinə 103
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  104
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti, 6-cı məsələ Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədədir. Xahiş edirəm, münasibət bildirəsiniz.

Səsvermənin nəticələri (saat 17.12 dəq.)
Lehinə 99
Əleyhinə 2
Bitərəf 0
Səs vermədi 1
İştirak edir  102
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti, 7-ci məsələ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi barədədir. Xahiş edirəm, münasibət bildirəsiniz.

Səsvermənin nəticələri (saat 17.43 dəq.)
Lehinə 105
Əleyhinə 2
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  107
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. Təşəkkür edirəm.
Bugünkü gündəliyin axırıncı məsələsi Mədəniyyət haq-qında qanun layihəsidir. Layihə haqqında məruzə üçün komitə sədri Nizami Cəfərova söz verilir. Nizami müəllim, buyurun.
N.Cəfərov, Milli Məclisin Mədəniyyət komitəsinin sədri.
Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri, əziz qonaqlar! Bilirsiniz ki, ölkəmizin ictimai, si-yasi, mədəni həyatında çox böyük hadisələr baş verir. Azərbaycan dünyaya inteqrasiya olunur, öz intellekti, mədəniyyəti ilə dünyada gedən proseslərdə bilavasitə iştirak edir. Əlbəttə, mədəniyyətimizin, incəsənətimizin inkişafı baxımından artıq postsovet məkanı deyilik. Bu o deməkdir ki, biz artıq sovetlərdən sonrakı mədəni-ictimai həyatı yaşamırıq. Artıq keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşuq. Biz milli mədəniyyət müstəqilliyi olan bir xalqıq.
Azərbaycan Prezidenti cənab İlham Əliyev Bakı Dövlət Universitetindəki məşhur çıxışında söyləmişdi ki, biz artıq iqtisadiyyat sahəsində keçid dövrünü başa vurmuşuq.  Azərbaycanda artıq belə bir fikir formalaşıb ki, biz bütün sahələrdə, o cümlədən də mədəniyyət və incəsənət sahəsində də bu dövrü başa vurmuşuq. Azərbaycan böyük bir mədəniyyət ölkəsidir. Onun Qobustan, Qız Qalası, İçərişəhər kimi, eləcə də Naxçıvanda Nuhun qəbri, Möminə Xatun türbələri, Gəncədə bir sıra  tarixi məkanlar, Şamaxıda, Şirvanda böyük mədəniyyət tarixi var ki, bunlar da yalnız Azərbaycana deyil, bütövlükdə dünyaya məxsusdur.  Biz qeyri-maddi, yəni mənəvi dünyada tanınan böyük mədəniyyətin, muğam sənətinin, aşıq sənətinin varisləriyik. Biz bu tarixi mədəniyyəti, eyni zamanda, müasir düşüncəmiz, təfəkkür mədəniyyətimiz kimi də dərk edə bilirik.
Ümummilli liderimiz Heydər Əliyevin irəli sürdüyü, həyata keçirdiyi mədəniyyət siyasətində klassik, tarixi mədəniyyətin bir daha yaşanması, millətə bir daha yaşadılması və bunun üçün çoxlu sayda yubileylərin keçirilməsi,  abidələrin qoyulması  çox mühüm hadisə idi. Bunların hamısı Azərbaycanın mədəni, ictimai həyatının hadisələridir. Yəni bir vaxtlar  xalqımız Kitabi-Dədə Qorqud kimi böyük bir epos yaradıb, XVI–XVII əsrlərdən başlayaraq bu eposu unudub, bir də XX əsrdə onu bərpa edib. Amma eyni zamanda, deyək ki, 1930-cu illərdən gələn ətalətlə eposdan,  yəni böyük bir mədəniyyətdən dövlət səviyyəsində imtina olundu. Bir də, 1990-cı illərdə  dövlət səviyyəsində bu məsələyə yenidən baxıldı.
Mədəniyyətə, xüsusilə tarixi irsə münasibət çox böyük siyasi-ideoloji bir məsələdir. Son 10 ildə Azərbaycan mədəniyyətində, incəsənətində baş verən irəliləyişləri dövlətçiliyimizin, milli-ictimai şüurumuzun inkişafının ən böyük nailiyyətləri hesab edirik. Bu sahədə dövlət rəhbərliyinin, Azərbaycanın birinci xanımı və həmkarımız hörmətli Mehriban Əliyevanın xidmətlərini ayrıca qeyd etmək lazımdır. Yəni artıq bu gün Azərbaycanın həm maddi, həm də qeyri-maddi mədəniyyət nümunələri YUNESKO səviyyəsində dünyanın ən mötəbər məclislərində müzakirə obyekti olur. Dünyanın ən böyük musiqi bayramı, müsabiqəsi olan Eurovision Azərbaycanda, Bakıda keçirilir. Yəni bunlar Azərbaycanda həm tarixən mövcud olan böyük mədəniyyətin ifadəsidir, həm bu mədəniyyətin müasir azərbaycanlılar tərəfindən mənimsənilməsinin göstəricisidir, həm də dövlətin siyasətidir.
Adətən, mədəniyyət tariximizə nəzər salanda mədəni nümunələrin çoxunun dövlətçiliyimizin mövcud olmadığı dövrlərdə yarandığının şahidi oluruq. Dünyanın ümumi mənzərəsində də bu belədir. Məsələn, “Koroğlu” eposu, “Əsli və Kərəm” dastanı yarananda Azərbaycanın müstəqil dövlətçiliyi,  ümumiyyətlə, dövlətçiliyi yox idi. Amma mə-dəniyyət, incəsənət nümunələri yaranırdı. Bu o demək deyil ki, mədəniyyət, incəsənət dövlətçilik olmayanda daha yaxşı yaranır. Dövlətçilik səviyyəsində yaranan mədəniyyətin klassik tipologiyası olur və millətə daha etibarlı, kütləvi və sistemli şəkildə xidmət edir.
Bir məsələni də xüsusi qeyd etmək istəyirəm. Bizim ideologiyamız, əlbəttə, azərbaycançılıq ideologiyasıdır. Bu ideologiya XIX əsrin sonu XX əsrin əvvəllərində formalaşıb. Amma təbiidir ki, onun əsasları Azərbaycan xalqı yaranandan qoyulubdur. Bu gün azərbaycançılıq ideologiyasının  ən mühüm şərtlərindən biri mədəniyyətdir, incəsənətdir. Yəni hal-hazırda Azərbaycanda böyük mədəniyyət nümunələri yaranırsa, gözəl yollar çəkilirsə, məktəblər tikilirsə, muzeylərimiz, teatrlarımız bərpa olunursa və xalqın tarixi abidələrimizə olan marağı müasir dövrdə peşəkar  səviyyəyə qalxırsa, bununla azərbaycanlıların özlərini ikinci dərəcəli hesab etmək kompleksi də aradan qalxır. Bu, azərbaycançılığın hazırkı inkişafında  Azərbaycan Prezidenti İlham Əliyevin və dövlətçiliyimizin çox böyük xidmətidir. Sadəcə, təbliğ etməklə xalqda ikinci dərəcəlilik kompleksini aradan qaldırmaq olmaz. “Sən böyüksən” deməklə, onu böyütmək olmaz. Amma böyük bir cəmiyyətin, xalqın yaşadığı mühiti, mədəniyyəti ona yaşadırsansa, istər-istəməz ikinci dərəcəlilik kompleksi aradan qalxacaq.
Mən xüsusi olaraq etiraf etmək istəyirəm ki, bizdə mədəniyyətin, incəsənətin inkişafına nisbətən bu sahədəki qanunvericilik təfsirlərinin səviyyəsi xeyli geri qalır. Yəni mədəniyyət, incəsənət inkişaf edir, amma qanunvericiliyimizdə vəziyyət onu təsbit, təhlil və təqdim edəcək hü-quqi səviyyədə, məqamda deyil. Ona görə də bizim komitə Mədəniyyət və Turizm Nazirliyi ilə bir yerdə, eyni zamanda, Ədilə xanımın rəhbərliyi ilə Milli Məclis Aparatının Sosial siyasət şöbəsi yeni bir qanun layihəsi hazırladı. Bu təklif ilk növbədə nazirlikdən gəldi. Ona görə ki, onlar bu sahədə çalşırlar, işləyirlər, harada problem olduğunu daha yaxşı görürlər.
Burada sual verilə bilər ki, 1998-ci il fevral ayının 6-da qüvvəyə minən, yəni bu gün fəaliyyətdə olan qanunla layihə arasında nə fərq var? Biz qüvvədə olan qanun üzərində işləyib müəyyən düzəlişlərlə, təkmilləşdirmələrlə təqdim edə bilərdik. Ancaq müzakirələr göstərdi ki, bu, qətiyyən mümkün deyil. Ona görə də yeni bir qanun layihəsi təklif edirik.
Əlbəttə, bu gün fəaliyyətdə olan qanun keçid dövrü, postsovet dövrü üçün kifayət qədər maraqlı bir qanun idi və öz funksiyasını da layiqincə yerinə yetirdi. Güman edirəm ki,  bu qanun fəaliyyətini hələ bundan sonra da davam etdirməli olardı. Amma Azərbaycanda elə sürətli mədəni inkişaf gedir, dünya elə bir mədəniyyət təbəddülatları içərisindədir ki, bir sıra məsələlər mütləq diqqət mərkəzində olmalı, nəzərə alınmalıdır. Ona görə də biz yeni bir layihə təqdim etməli olduq. Əlbəttə, layihə paylanıbdır, ancaq qısaca olaraq fərqlər barədə bir-iki cümlə deyim.
Əvvəla, strukturda çox ciddi dəyişikliklər var. Əgər qanunun strukturu mükəmməl olsaydı, biz əlavə və dəyişikliklərlə yeniləşmə apara bilərdik. Amma bütövlükdə struktur dəyişdiyinə görə bu mümkün olmadı. Preambulada əsas anlayışlar yox idi. Yeni layihədə isə əsas anlayışlar verilib, çünki bir sıra strateji məqamlar məhz bu anlayışların dəqiq təsəvvür olunması ilə bağlıdır. “Dövlət mədəniyyət siyasəti” anlayışı verilibdir, mədəniyyətin hüquqi təminatı sahəsində sistemləşdirmə aparılıbdır.
Doğrudur, yeni layihədə həm mədəniyyət nəzəriyyəsi, mədəniyyətşünaslıq texnologiyaları baxımından, həm də hüquqi baxımdan  yenə də düzəlişlərə ehtiyac var və biz bunu qəbul edirik. Müzakirələr zamanı bizə gələn rəylərlə bağlı düzəlişlər olacaq. Eyni zamanda, mədəniyyətin inzibati maliyyə, informasiya və kadr təminatı ilə bağlı problemlər, eləcə də Azərbaycan mədəniyyətinin beynəlxalq nüfuzu,  mədəni irsin həm təbliği, həm də yaşadılması ilə bağlı məsələlər indi müzakirə olunan mətndə yoxdur. Mədəniyyətin sahələri məsələsi yeni layihədə o qədər də mükəmməl deyil. Amma hər halda keçmiş qanuna, daha doğrusu, fəaliyyətdə olan qanuna nisbətən xeyli mükəmməldir.
Mədəniyyətdə, incəsənətdə peşəkarlıq, qeyri-peşəkarlıq  çox mühüm bir sahədir. Eləcə də mədəniyyət sənayesi, mədəniyyətin bazar iqtisadiyyatı şəraitində mövcud olması, prodüser fəaliyyəti ilə bağlı məsələlər, yəni çoxlu sayda  mədəni-hüquqi məqamlar var ki, bunların üzərində mütləq dayanmalıyıq. 15-ə qədər çox ciddi mahiyyət kəsb edən dəyişikliklər olub və mən bu fikirdəyəm ki, işin gedişində bu dəyişikliklərin sayı bəlkə də 20-yə çatacaq. Biz mədəniyyətimizi  yaratmalı, istehlak etməli, dünyada tanıtmalı və qorumalıyıq. Qeyd etdiyim bu mühüm məsələlər layihədə çox aydın şəkildə öz əksini tapıbdır.
Bir məsələni də deyib bununla çıxışımı qurtarmaq istəyirəm. Mən təklif edirəm ki, “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanunu” adında “Azərbaycan Respublikasının” sözlərini qabağa keçirək. “Azərbaycan Respublikasının Mədəniyyət Qanunu” şəklində yazılsın. Bu qayda birinci olaraq həyata keçirilərsə, digər qanunlara da şamil oluna bilər. Yada salım ki, məcəllələrin adlarında biz bunu edirik. Məsələn, “Gömrük haqqında Azərbaycan Respublikasının Məcəlləsi” demirik, “Azərbaycan Respublikasının Gömrük Məcəlləsi” deyirik. Yəni bu,  Azərbaycan dilinə daha çox uyğundur. İmkan olarsa, bu məsələyə də baxmağınızı xahiş edirəm. Düşünürəm ki, biz bu qanun layihəsini  ikinci, üçüncü oxunuşlarda da üzərində işləmək və təklifləri vermək şərti ilə tələsmədən  müzakirə etməliyik. Çox təşəkkür edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun, Nizami müəllim, təşəkkür edirəm.  Valeh müəllim, buyurun. Valeh müəllim danışana qədər bir məsələni deyim. Hörmətli deputat həmkarlarım, bu gün, Nizami müəllim demişkən, Mədəniyyət qanunu layihəsinin müzakirəsində mədəniyyət və turizm nazirinin birinci müavini hörmətli Vaqif müəllim Əliyev və digər mədəniyyət və incəsənət nümayəndələri də iştirak edirlər. Buyurun, Valeh Ələsgərov.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Bəli, reqlament 5 dəqiqə qalır.
V.Ələsgərov. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli deputat həmkarlarım, mən bu qanun layihəsinin ancaq birinci səhifəsinə aid bir-iki kəlmə söz demək istəyirəm. Fikrimcə, bu qanun layihəsində qeyri-müəyyənlik və uyğunsuzluqlar elə buradan qaynaqlanır.
Əmin ola bilərsiniz ki, Azərbaycan mədəniyyətini hər bir Azərbaycan vətəndaşından bəlkə  bir az da artıq sevirəm. Ancaq bununla bərabər bu qanun layihəsi mədəniyyətimizin inkişafını təmin edən bir sənəd olduğuna görə çox vacibdir ki, buna diqqətlə yanaşaq.
Qanun layihəsinin giriş hissəsində “mədəniyyət fəaliyyəti” anlayışını görürəm. Sonra isə “mədəniyyət sahəsində fəaliyyət göstərən subyektlər”, yəni “mədəniyyət sahəsində fəaliyyət” anlayışını görürəm. Soruşuram, deyirlər ki, bunlar  fərqli anlayışlardır. Ancaq 1-ci maddədə “mədəniyyət fəaliyyəti”  anlayışı verilir, “mədəniyyət sahəsində fəaliyyət” anlayışının izahı isə verilmir. Əgər bu hamıya məlumdursa, yəqin, onda mədəniyyət fəaliyyətinin də nə olduğu hamıya məlumdur. Yəni onda “mədəniyyət fəaliyyəti” anlayışını da verməyə ehtiyac yoxdur. Əgər “mədəniyyət fəaliyyəti” anlayışı verilirsə,  mədəniyyət sahəsində fəaliyyətin nə olduğu  da verilməlidir.
İkinci, yazılıb ki, bu Qanun mədəniyyət sahəsində fəaliyyət göstərən subyektlərin hüquqlarını və vəzifələrini, həmçinin mədəniyyət işçilərinin statusunu müəyyən edir. Özümə sual verirəm ki, mədəniyyət işçiləri mədəniyyət sahəsində fəaliyyət göstərən subyektlərin tərkib hissəsi deyilmi? Hüquqi nöqteyi-nəzərdən, əlbəttə, həmin subyektlərin tərkib  hissəsidirlər. Deməli, başqa bir səbəb var. Yəqin, ona görə burada “həmçinin” sözü yazılsa da ayrılır. Oxuyuram: “...mədəniyyət sahəsində fəaliyyət göstərən subyektlərin hüquqlarını və vəzifələrini, mədəniyyət işçilərinin statusunu müəyyən edir...” Deməli, mədəniyyət sahəsində fəaliyyət göstərən subyektlərin hamısının hüquqlarını və vəzifələrini,  həmçinin mədəniyyət işçilərinin statusunu müəyyən edir.
Mən hüquqşünas deyiləm, amma hüquq nəzəriyyəsinə ən azı 1600 ildir məlumdur ki, “status” həm hüquqları, həm vəzifələri, həm imtiyazları, həm də güzəştləri  əhatə edən bir anlayışdır. Necə ola bilər ki, mədəniyyət sahəsində fəaliyyət göstərən subyektlərin ancaq hüquqlarını və vəzifələrini, bu subyektlərin tərkib hissəsi olan mədəniyyət işçilərinin isə statusunu müəyyən edir? Yəni hissənin geniş şəkildə statusu, cəmin isə ancaq hüquqları və vəzifələri verilir. Bunu hər hansı bir cümlə  ilə izah etmək mümkün deyil. Bu, səhvdir və səhvi düzəltmək lazımdır. Əgər “mədəniyyət sahəsində fəaliyyət” fərqli bir anlayışdırsa, onda “mədəniyyət sahəsində fəaliyyət göstərən subyektlərin statusu” şəklində yazılsın. Söz güləşdirmək istəyən olsa, izahlı lüğətləri qarşısına qoyaram. Ona görə də xahiş edirəm, bunu nəzərə alasınız.
Bundan başqa, bayaq qeyd etdim ki, “Əsas anlayışlar”da “mədəniyyət siyasəti” yazılıb, ancaq “mədəniyyət sahəsində fəaliyyət” anlayışı yoxdur. Sonrakı bəndlərdə “mədəniyyət siyasəti”, “mədəniyyət və yaradıcılıq fəaliyyətinin subyektləri” yazılıb. Deməli, “mədəniyyət fəaliy-yəti”, “mədəniyyət sahəsində fəaliyyət göstərən subyektlər” var, ancaq 1.0.6-cı bənddə “mədəniyyət və yaradıcılıq fəaliyyətinin subyektləri” də qeyd olunub. Buradan belə qərara gəlirəm ki,  mədəniyyət fəaliyyətindən fərqlənən yaradıcılıq fəaliyyəti də var. Belədirsə, onda yəqin ki, “yaradıcılıq fəaliyyəti” anlayışı verilməlidir.
Vaxtınızı almaq istəmirəm. Bu misallarla göstərmək istəyirəm ki, qanun layihəsi zəngin, qədim və inkişaf edən mədəniyyətimizə uyğun  və layiq olmalıdır. Buna görə də xahişim ondan ibarətdir ki,  mədəniyyət sahəsindən  xəbərdar olan hüquq nəzəriyyəsinin mütəxəssisləri bunun üzərində oturub işləsinlər və qanun layihəsini bizim yüksək mədəniyyətimizə uyğun səviyyədə  təqdim etsinlər. Dediyim sözlərə mədəniyyətimizə və mədəniyyət işçilərimizə məhəbbətimin və sevgimin bir izahı kimi yanaşmanızı xahiş edirəm. Sağ olun, təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Valeh müəllim. Fazil Mustafa.
F.Mustafa. Sağ olun, Ziyafət müəllim. Mədəniyyət haqqında qanun layihəsinin ruhuna uyğun  olaraq, xahiş edərdim, mənim yerimə ağsaqqalımız İlyas müəllimə söz verəsiniz, o danışsın.
Sədrlik edən. Buyurun, İlyas İsmayılov.
İ.İsmayılov. Təşəkkür edirəm, Ziyafət müəllim. Müzakirəyə çıxarılan qanun layihəsi mədəniyyət sahəsində mövcud olan ictimai münasibətləri müəyyən dərəcədə əks etdirsə də, fikrimcə, onun məhz konseptual baxımdan  təkmilləşdirilməsinə böyük ehtiyac var. Dövlət və ictimai təşkilatlar  mədəniyyət sahəsində iki istiqamətdə fəaliyyət göstərməlidirlər ki, bu da  layihədə öz əksini tapmayıb.
İstiqamətlərdən birincisi, bu günə kimi yaradılmış daşınan və daşınmaz mədəniyyət və incəsənət abidələrinin dövlət səviyyəsində qorunub saxlanılmasından, ikincisi isə bundan sonra yeni əsərlərin yaradılması və həmin işdə dövlətin rolundan ibarət olmalıdır. Bu iki fəaliyyət istiqaməti qanun layihəsinin əsası kimi qəbul edilərsə, onda  sənəd daha aydın və məqsədyönlü olar.
Birinci istiqamətin əsas problemi əsrlər boyu yaradılmış və müxtəlif ölkələrdə saxlanılan bədii əsərlərin reyestrinin tərtibatıdır. Həmin əsərlərin bir qismi müasir Azərbaycan dövlətinin hüdudlarından kənarda, məsələn, İranda, Rusiyada, Ermənistanda, Gürcüstanda qalıb. Daşınmaz və daşınan mədəniyyət abidələrinin bəziləri qonşu ölkələr tərəfindən öz irsləri kimi qələmə verilsə də, onların üzərində tədqiqat aparıb reyestrə salmaq lazımdır. Buna misal olaraq orta əsrlərdə Əmir Teymurun dövründə Mərkəzi Asiya ölkələrində tikilən yeni abidələri, keçən əsrin əvvəllərində, 1908-ci ildə Şimali Osetiyanın paytaxtında Murtuza Muxtarov tərəfindən tikilmiş məscidi  göstərmək olar.
İkinci qisim məsələlər tarix boyu Azərbaycandan Avropaya aparılmış abidələrlə bağlıdır. Hazırda Londonun Viktoriya və Albert muzeylərində nümayiş etdirilən Şeyx Səfi xalçası, Sankt-Peterburqun Saltıkov-Şedrin kitabxanasında saxlanılan əlyazmalar, bir çox ölkələrin muzeylərindəki əsərlər buna sübut ola bilər. Sovet dövründə yaradılmış əsərləri, Fuad Əbdürrəhmanov, Ömər Eldarov, Tokay Məmmədov,  A.Salikov və başqa heykəltəraşların xarici ölkələrdə qoyulmuş abidələrini, Azərbaycan rəssamlarının keçmiş müttəfiq respublikalarda saxlanılan əsərlərini, müttəfiq respublikaların kinostudiyalarında çəkilmiş filmlərdə aktyorlarımızın ifa etdikləri rolları, bəstəkarlarımızın həmin filmlərə yazdıqları musiqiləri, teatrlarda rejissorlarımızın quruluş verdikləri tamaşaları, memarlarımızın layihələri əsasında tikilmiş binaları və sairləri bu kateqoriyaya aid etmək olar.
Əlbəttə, bu, uzunmüddətli, çox zəhmət tələb edən, lakin olduqca vacib bir işdir. Adı gedən reyestrin tərtib edilməsi üçün uzun müddət  və maliyyə vəsaiti tələb oluna bilər. An-caq bunun həyata keçirilməsi sonradan bizə çox böyük xeyir vermiş olardı. Söhbət hazırda müşahidə etdiyimiz,  sənət nümunələrimizin başqaları tərəfindən mənimsənilməsindən gedir. Düşünürəm ki, reyestr haqqında müddəalar qanun layihəsinin “Mədəniyyət sərvətlərinin mühafizəsi” adlı 11-ci maddəsinə əlavə edilə bilər.
Mədəniyyət və incəsənət abidələrimizin mümkün qədər tam şəkildə reyestrdə qeydə alınıb dövlət mühafizəsi ilə təmin olunması bunların ölkə daxilində də qorunmasına köməklik edə bilər. Sovet dövründə belə praktika var idi və bu da dini məbədlərin əsas hissəsinin qorunub saxlanılmasına imkan verdi. Müstəqillik illərində isə qanunda yaranmış boşluqlar bir sıra monumental təsviri sənət və memarlıq abidələrinin məhvinə gətirib çıxardı. Bakıda “köhnə İnturist” kimi tanınan bina və bir sıra daşınmaz abidələr söküldü. Mövcud ideologiyaya cavab verməyən, lakin yüksək sənət nümunələri olan bir çox heykəllər, digər ölkələrdə olduğu kimi, demontaj edilib başqa yerlərdə qoyulmaq əvəzinə yoxa çıxarıldı. Bu, həmçinin şəhərdə binaların fasadında aparılan təmir işlərinə də aiddir. Belə ki, keçən əsrin birinci yarısı Vesnin qardaşları, Pen, Useynov, Dadaşov, bir çox görkəmli memarlar tərəfindən konstrukturizm, modern və digər üslublarda tikilmiş, dünya kataloqlarında yer almış binaların başqa şəklə salınması nəticəsində şəhərimizin təkrarolunmaz siması silindi. Bu məsələ “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununda birmənalı şəkildə öz əksini tapmalıdır. Dövlət tərəfindən qorunan abidələrin nəinki xarici görünüşünə, hətta interyerinə də mütəxəssislərin fikirləri olmadan müdaxilə olunmasının qarşısı alınmalıdır. Onu da qeyd edim ki, ildə milyonlarla əcnəbi turisti cəlb edən Roma, Paris, Venesiya, Barselona, açıq səma altında olan başqa muzeylər barəsində belə qanunlar mövcuddur. İnsanları bu şəhərlərə  cəlb edən məhz onların köhnə, təkrarolunmaz simasıdır.
İkinci istiqamət yeni əsərlərin yaradılmasıdır. Tarix göstərir ki, ayrı-ayrı görkəmli sənətkarlar müxtəlif dövrlərdə yaşayıb-yaratsalar da...


Azərbaycan Respublikası Milli Məclisi Sədrinin  müavini  B.Muradova  sədrlik edir

Sədrlik edən. Sağ olun, İlyas müəllim. Elmira Axundova.
E.Axundova. Çox sağ olun. Bildiyiniz kimi, qüvvədə olan qanun 1998-ci il 6 fevral tarixində qəbul edilmişdir. Müqayisə edərkən görürük ki, doğrudan da, müzakirəyə təqdim olunan qanun layihəsi özünün dəqiqliyi, konkretliyi, müasir dövrün tələblərinə uyğunluğu ilə qüvvədə olan qanundan əhəmiyyətli dərəcədə fərqlənir. Bunlar həcm etibarilə bir-birindən o qədər də fərqlənmir. Əksinə, maddələrin sayı baxımından qüvvədə olan qanun daha böyükdür. Qanun layihəsinin müsbət cəhətlərindən çox danışmaq olar, amma vaxtınızı almamaq üçün birbaşa  konseptual məsələlərdə olan çatışmazlıqları qeyd etmək istərdim.
Məncə, ilk növbədə bu qanun layihəsində mədəniyyət fəaliyyətinin iqtisadi tərəfləri dolğun şəkildə əks olun-mamışdır. Məsələn, “Mədəniyyət və yaradıcılıq fəaliyyətinin subyektləri” adlı 3-cü fəsildə 9 böyük maddə var. Lakin yaradıcılıq ittifaqları və yaradıcı şəxslər haqqında danışılarkən gömrük, vergi, kommunal və sair məsələlər öz əksini tapmamışdır. Belə ki,  MDB Parlamentlərarası Assambleyası tərəfindən hazırlanmış mədəniyyət haqqında model qanunlarda  konkret qeyd olunur ki, yaradıcılıq ittifaqları və yaradıcı şəxslərin yaradıcılıq fəaliyyətindən əldə olunan gəlir vergidən, həmçinin MDB ölkələri daxilində idxal və ixrac olunan ədəbiyyat və incəsənət əsərləri gömrük ödəmələrindən azad edilir.
Eyni zamanda, mədəniyyət obyektlərinin yerləşdiyi tor-paqların mülkiyyət məsələsi də qanunda mütləq nəzərdə tutulmalıdır. Ümumiyyətlə, maliyyə tutumlu məsələlərin heç biri qanunda əksini tapmayıb. Düşünürəm ki, bu məsələlər yaradıcılıq ittifaqları və yaradıcı şəxslər üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə mütləq nəzərə alınmalıdır. Xüsusən ona görə ki, yaradıcılıq ittifaqları və yaradıcı şəxslər haqqında ayrıca qanunumuz yoxdur.
Mədəniyyət sahəsində beynəlxalq əməkdaşlığa dair maddə ilə bağlı bir təklifim var. Belə ki, qanunsuz olaraq ölkədən çıxarılmış və ya oğurlanmış milli-mədəni sərvətlərin geri qaytarılması həmçinin dağıdılmış tarixi-mədəni obyektlərin və vaxtilə onların daxilində mövcud olmuş mədəni sərvətlərin sonrakı taleyi haqqında bənd və ya maddə qanun layihəsində mütləq olmalıdır. Bizim üçün bu, xüsusi aktuallıq kəsb edir, çünki ermənilər tərəfindən işğal olunmuş ərazilərimizdə yüzlərlə bu cür abidə və tarixi-mədəni obyektlər dağıdılmış, milli-mədəni sərvətlər oğurlanmışdır. Eyni zamanda, bu qanun layihəsində beynəlxalq məhkəmələrə müraciət, bərpa, kompensasiya məsələləri, həmçinin xarici ölkələrin, beynəlxalq mədəniyyət təşkilatlarının Azərbaycanda fəaliyyət göstərməsinin hüquqi əsasları öz əksini tapmalıdır.
8-ci fəsillə də bağlı bir təklifim olacaq. Burada mədəniyyətin bütün növlərinə, hətta şou-biznesə, multimediaya aid maddələr var, ancaq xalq yaradıcılıq sahəsinə, məsələn, folklor ansamblları, özfəaliyyət dərnəkləri və sairlərə aid heç bir maddə nəzərdə tutulmayıb. Halbuki Azərbaycan üçün bu sahə çox böyük əhəmiyyətə malikdir.
Bu qanun layihəsinə görə dövlətin mədəniyyət fəaliy-yətinə müdaxiləsi qadağandır. Başa düşürəm ki, biz demokratik cəmiyyətdə yaşayırıq və heç kəsin özünü ifadə etmək hüququnu əlindən ala bilmərik. Amma yaxşı yadımdadır ki, sovet dönəmində Yazıçılar Birliyində, nəşriyyatlarda qrafomanlara qarşı necə sərt mübarizə aparılırdı. Bəli,  hazırda biz zorakılığı, pornoqrafiyanı, narkomaniyanı qanunla qadağan edirik. Bəs mənəvi bəsitliyi, bayağılığı, eybəcər zövqü təbliğ edən və yayan kitablara, filmlərə, şou-biznes proqramlarına qarşı necə mübarizə aparaq? Bu barədə qanun layihəsində heç nə deyilmir. Hesab edirəm ki, qanunla yaradıcılıq ittifaqlarının və yaradıcı şəxslərin üzərinə hər hansı öhdəlik və ya mənəvi vəzifə qoyulmalıdır ki, cəmiyyətdə belə zövqsüz   və bayağı “mədəniyyətin” yayılmasının qarşısını ala bilək. Başqa maddələr üzrə də təkliflərim var. Amma indi çox xahiş edərəm ki, təkliflərimizi nəzərə alasınız. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, Elmira xanım. Leyla Abdullaye-va.
L.Abdullayeva. Təşəkkür edirəm, Bahar xanım. Qüvvədə olan 1998-ci il 6 fevral tarixli “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxtdan bu günə qədər ölkəmiz bütün sahələrdə sürətlə inkişaf etmişdir. Ölkəmizdə mədəniyyət sahəsində çox böyük işlər görülmüş, xeyli layihələr həyata keçirilmiş, dövlət proqramları icra edilmiş, xeyli sayda mədəni obyektlər inşa və bərpa edilmişdir. Ölkəmiz böyük mədəni tədbirlərin keçirildiyi məkana çevrilmişdir. Paytaxtımız bir il ərzində İslam mədəniyyəti paytaxtı elan edilmişdi. Bir sözlə, mədəniyyət və incəsənət sahəsində dinamik inkişaf müşahidə olunmuşdur. Təbii ki, belə olan halda dövlət siyasətinin mədəniyyət sahəsinə aid prioritet  istiqamətlərinin müəyyən olunduğu, bu sahə ilə bağlı başlıca prinsiplərin əksini tapdığı “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununa yenidən baxılması zərurəti yaranmışdır. Məhz bu səbəbdən  qanunun yeni layihəsinin işlənib hazırlanmasının  mühümlüyünü qeyd edirəm.
Hesab edirəm ki, qanun layihəsi müvafiq tələblərə cavab verir və son illərdə ölkədə gedən müsbət xarakterli, dinamik proseslər burada öz əksini tapmışdır. Məsələn, cənab Prezident Dünya azərbaycanlılarının son qurultayında dünyanın müxtəlif ölkələrində Azərbaycanın təbliği üçün Azərbaycan evlərinin yaradılması barədə fikir səsləndirmişdi. Layihənin 44.2-ci maddəsində isə xarici ölkələrdə Azərbaycan Mədəniyyət Mərkəzlərinin yaradılması barədə müddəa artıq əks olunmuşdur. Bu isə bir daha sübut edir ki, qanun dövrümüzün çağırışlarına cavab verəcəkdir.
Qanun layihəsində dövlət mədəniyyət təşkilatları ilə yanaşı, bələdiyyə təşkilatları haqqında da ayrıca müddəalar nəzərdə tutulmalıdır. Bu gün inkişaf etmiş ölkələrin əksəriyyətində bələdiyyə kitabxanaları, muzeyləri, teatrları, qalereyaları mövcuddur. Əhalinin mədəniyyət xidmətləri ilə minimum təmin olunması üçün dövlət müəssisələri fəaliyyət göstərsə də, biz bununla kifayətlənməməliyik.
Məlumdur ki, hər il büdcədən bələdiyyələrə daha çox maliyyə vəsaiti ayrılır. Bu baxımdan bələdiyyə statuslu mədəniyyət müəssisələri haqqında ayrıca maddələrin, onların səlahiyyətlərini əks etdirən normaların qanunda əks olunmasını təklif edirəm. Xüsusilə regionlarda bəzi mədəni obyekt və müəssisələrin inkişafını təmin etmək üçün onların maliyyələşdirilməsinə bələdiyyələrin cəlb edilməsi variantını nəzərdən keçirmək olar. Eyni zamanda, hazırda qüvvədə olan qanunun 25-ci maddəsində nəzərdə tutulmuş mədəni-maarif fəaliyyətinin status formasının dəyişdirilərək müasir dövrün tələblərinə uyğunlaşdırılması üçün də ən yaxşı variant onların bələdiyyələr çərçivəsində fəaliyyət göstərmələridir. Başqa sözlə, özfəaliyyət əsasında sərbəst yaradıcılıq fəaliyyətinin həyata keçirilməsinin ən optimal variantı  məhz bələdiyyə teatrları, qalereyaları və sair ola bilər. Sovet dönəmində kifayət qədər populyar olan, çox sayda məşhur və istedadlı incəsənət adamlarının meydana çıxması üçün tramplin rolunu oynayan özfəaliyyəti yaşatmaq istəyiriksə, məhz Avropa təcrübəsinə uyğun olaraq bələdiyyə statuslu mədəniyyət təşkilatlarını formalaşdırmalıyıq.
Digər təklifim milli mədəniyyətimizin tərkib hissəsi olan  milli mətbəx mədəniyyəti ilə bağlıdır. Hesab edirəm ki, milli mətbəx mədəniyyəti haqqında müddəaların qanunda öz əksini tapması,  mədəni və maddi dəyərlərimizin bədxah qonşularımız tərəfindən mənimsənilməsi zəminində çox müsbət hal olardı. Bu baxımdan layihənin 1.0.5 və 25-ci maddələrində nəzərdə tutulmuş mədəniyyət sərvətləri siyahısına “milli mətbəx nümunə və reseptləri” sözlərinin əlavə edilməsi məqsədəuyğun  olardı. Eyni zamanda, hesab edirəm ki, digər mədəniyyət sərvətləri kimi milli mətbəx nümunə və reseptləri də müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada milli mədəniyyət sərvətləri siyahısında qeydə alınmalıdır.
Daha bir təklifim kifayət qədər mühüm məsələyə aiddir.  Məlumdur ki, xalqımız böyük tarixi və mədəni dəyərləri olan mədəniyyət abidələrini, sərvətlərini min illər boyu yaratmışdır. Lakin ölkəmiz heç də həmişə bugünkü kimi müstəqil və güclü olmamışdır. Bunun nəticəsidir ki, bizə məxsus olan milli-mədəni sərvətlərimiz bu gün dünyanın müxtəlif ölkələrində saxlanılır və ən məşhur muzeylərdə nümayiş etdirilir. Ən çox təəssüf doğuran məqam isə ondan ibarətdir ki, bir sıra hallarda bu obyektlər Azərbaycan adı ilə deyil, başqa ölkələrin adı ilə nümayiş olunur. Ona görə də bununla bağlı qanun layihəsində bir ümumi müddəa ilə kifayətlənmək olmaz.
Sədrlik edən. Sağ olun, Leyla xanım. Leyla xanım “çoxlu sayda mədəniyyət abidələri, mədəniyyət sərvətləri” sözlərini dedi, Nizami müəllim, məndə də belə bir sual yarandı. Burada 5-ci fəsil “Mədəniyyət sərvətləri və milli mədəniyyət əmlakı”, 6-cı fəsil isə “Mədəni irsin qorunması, bərpası və istifadəsi” adlanır. Biz, adətən, bu günə qədər “mədəni irs”,  “mədəniyyət abidəsi”, “mədəniyyət və mə-dəni sərvət” demişik. Mənim üçün maraqlıdır ki, bu anlayışlar arasındakı fərq nədən ibarətdir? “Mədəniyyət sərvəti”, “mədəni irs”, “mədəniyyət abidəsi” nədir? Fəsillərin adında da, maddələrin içərisində də bu özünü göstərir. Əvvəl mənə elə gəldi ki, “mədəniyyət” deyiləndə mütləq  maddi mədəniyyət nəzərdə tutulur. Amma sonra oxuyub gördüm ki, mədəni irs özündə həm mənəvini, həm də maddini əks etdirir. Ona görə də dolaşıqlıq yaranır. Biz “mədəniyyət sərvətlərimiz”, yoxsa “mədəni sərvətimiz” deməliyik? “Mədəni irs” deyiriksə, deməli, “mədəni sərvət” də deməliyik.
Mənim anlamımda mədəniyyət bütövlükdə həm prosesin özünü, həm onun ayrı-ayrı sahələrini, həm də həmin sahədə gedən işi əks etdirir. Amma onun hansısa nümunəsinə və bütövlükdə hamısına irs kimi yanaşanda artıq mədəni adlanır. Mənim bir filoloq, hüquqşünas, dilə yaxın adam kimi bu günə qədər anladığım belə olub. Amma bu qanun layihəsi məni bir az çaşbaş salıb. Çox xahiş edirəm, bu məsələdə bir anlaşıqlıq yaransın. Hər halda bununla bağlı  dolaşıqlıq yaradan digər sözlər də var. Növbəti çıxış üçün Asim Mollazadəyə söz verilir.
A.Mollazadə. Çox sağ olun, Bahar xanım. Hörmətli millət vəkilləri, Azərbaycan xalqını dünyada, İslam və türk dünyasında lider edən onun mədəniyyətidir. İslam və türk dünyasının birinci operası, birinci simfoniyası, birinci caz orkestri Azərbaycanda yaranıb. Üzeyir bəy məhz klassik dünya musiqisini və Azərbaycan təranələrini birləşdirərək təkrarolunmaz əsərlər yaradıb.  Zənnimcə, bu, Azərbaycanın  qarşısında duran böyük bir missiyadır. Çünki Azərbaycan xalqı hər zaman  klassik musiqini, cazı  öz mədəni irsi ilə zənginləşdirərək dünya mədəniyyətinə   töhfəsini verə bilib.
Mən bir məsələni xüsusi vurğulamaq istərdim. Heydər Əliyev Fondu bu istiqamətdə böyük işlər görüb. Söhbət Uşaq-Gənclər Simfonik Orkestrindən gedir. Mən istərdim ki, mədəniyyət haqqında qanun layihəsində müvafiq fondun,  dövlət proqramlarının yaradılması xüsusi  qeyd edilsin. Biz bunu büdcədə də nəzərdə tutmalıyıq.
Azərbaycanda klassik musiqini, rəsm mədəniyyətini və  indiyə qədər bu istiqamətdə əldə olunan irsi qorumaq, inkişaf etdirmək üçün müvafiq proqramlar lazımdır. Çünki  pop mədəniyyəti hər zaman kommersiya dəstəyini qazana bilər. Amma dünya mədəniyyəti, klassik mədəniyyət bütün inkişaf etmiş ölkələrdə dövlət tərəfindən müdafiə olunur və ona dəstək verilir. Mənə elə gəlir ki, bunun üçün də Mədəniyyət haqqında qanunda xüsusi proqramları vurğulamağa böyük ehtiyac var.
Bir məsələni də qeyd etmək istəyirəm. Dünya kitabxanaları son illər yeni, elektron kitabxanalar formasına keçir. Bildiyimə görə, Azərbaycan  Milli Kitabxanası da, məsələn, Amerika Birləşmiş Ştatları Konqresinin kitabxanası ilə müvafiq proqram imzalamışdı. Mən keçən il Konqresin Kitabxanasının rəhbərliyi ilə görüşmüşdüm, onlar da gileylənirdilər ki, nədənsə bu proqramın davamı yoxdur və Azərbaycan kitabxanaları elektron varianta keçidlə bağlı müvafiq proqramları yerinə yetirmirlər. Yaxşı olardı ki, qanunvericilikdə bütün Azərbaycan kitablarını elektron formata keçirməklə və yeni kitabxanaların yaradılması ilə bağlı müvafiq bəndlər qəbul edək. Çünki kitab elə  incə bir şeydir ki, o, itə bilər.  Azərbaycan bədii ədəbiyyatını, elmi ədəbiyyatını yeni müasir formalarda qorumaq çox mühüm məsələdir və biz bununla bağlı çox işlər görməliyik.
İlyas müəllim arxitektura ilə bağlı məsələyə toxundu. Təəssüf ki,  Mədəniyyət Nazirliyi tərəfindən bu istiqamətdə qorunan binalar çox ciddi dağıntıya məruz qalıb. Mən bir misal çəkmək istəyirəm. Bakıda yerləşən dünya arxitektura kataloqlarının hamısına daxil olan arxitektor Şusevin əsəri, köhnə “İnturist” dağıdılıb, onun yerinə çox əcaib, eybəcər bir bina tikiblər. Baxmayaraq ki, söz vermişdilər, binanı məhz köhnə layihə ilə  bərpa edəcəklər. Biz öz irsimizi və dünya kataloqlarına daxil olan bu arxitektura əsərini bərpa etməliyik. Bunu dağıdanları, yerinə eybəcər bina tikənləri məcbur etməliyik ki, Bakının simasını yenidən qaytarsınlar. Ölkənin paytaxtının və digər şəhərlərinin arxitekturasını və Mədəniyyət Nazirliyinin kataloquna daxil olan istənilən memarlıq əsərini dağıdanlar öz vəsaitləri hesabına bunu bərpa etməlidirlər. Zənnimcə, bu abidələrimizi də qorumağa böyük ehtiyac var. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, Asim müəllim. Mübariz Qurbanlı.
M.Qurbanlı. Təşəkkür edirəm, Bahar xanım. Bu, qanun layihəsinin birinci oxunuşudur. Birinci oxunuşun da əsas tələbi odur ki,  qanun layihəsinə konseptual baxımdan  ya-naşaq, onun lazım olub-olmadığını birdəfəlik müəyyən edək. Mən detallara varmayacağam. Nizami Cəfərov  geniş nitq söylədi və bununla bağlı fikirlərini səsləndirdi.
Birinci, onunla razıyam ki, “haqqında” sözünü birdəfəlik bütün qanunlarımızdan çıxarmalıyıq. Biz bu sözün haradan gəldiyini yaxşı bilirik. Bu, dilimizin ahəng qanununa uyğun deyil. Qanunun adı “Azərbaycan Respublikasının Mədəniyyət qanunu” olmalıdır. Bu məsələni bir dəfə qaldırmışıq, indi bir də təkrar deyirik. Hesab edirəm ki, bunun üzərində düşünmək lazımdır.
Mən də fikirləşirəm ki, burada anlayışlara bir az konkretlik gətirmək lazımdır, bununla bağlı müəyyən ziddiyyətlər var. Birinci oxunuş olduğuna görə buna xüsusi toxunmaq istəmirəm. Mədəniyyət qanununda,  dilin mədəniyyətimizin bir hissəsi olduğunun xüsusi qeyd edildiyi yerdə “fenomen” sözünü işlətməyə ehtiyac qalmır. Bunu Azərbaycan dilinin özünəməxsusluğunu bildirən başqa bir sözlə əvəzləmək mümkündür.
Biz nəyə konseptual yanaşmalıyıq? Nə istəyirik? Yenə də mədəniyyətlə bağlı bütün problemləri büdcənin üzərinə yıxmaq istəyirik? Qanun layihəsinə diqqətlə  baxdım və gördüm ki, yox, biz bunu istəmirik. Burada qeyd olunur ki, mülkiyyətin müxtəlif formaları, özəl sahə, bələdiyyə və sair mədəniyyətin ayrı-ayrı sahələrinə müdaxilə edə və bunu inkişaf etdirə bilir. Müsbət hallardan biri ondan ibarətdir ki, dövlət mədəniyyətə bu və digər formada təsir edərkən buraya müəyyən vəsaitlərin  ayrılmasına da qanunvericiliklə şərait yaradır. Bu çox yaxşı haldır.
Burada idxal olunan məhsullarla və sair ilə bağlı vergidən bu və ya digər formada azad olunma nəzərdə tutulur. Bəzi mədəniyyət nümunələrinin, məsələn, rəsm əsərlərinin, heykəllərin ixracı ilə də bağlı müəyyən güzəştləri nəzərə almalıyıq.
Bundan başqa, keçmişdən qalan bir məqam burada yenidən təkrar olunur. Hesab edirəm ki, mədəniyyət xadimlərinin cəmiyyətdə bir kastaya çevrilmələrinə ehtiyac yoxdur. Onlar da cəmiyyətin tərkib hissəsi, üzvüdürlər və onları xüsusiləşdirərək kasta səviyyəsinə qaldıra  bilərik ki, bu da, fikrimcə, yaxşı nəticə verməz. Hesab edirəm ki, mədəniyyət xadimlərinə dövlət adlarının verilməsi aradan qaldırılmalıdır. Dünyanın əksər qabaqcıl ölkələrində belə anlayış yoxdur. Tutaq ki, Fransa Respublikasının xalq artisti. Bu, keçmişin qalığıdır və aradan qaldırmaq lazımdır. Vaxtilə ümummilli lider Heydər Əliyev bu məsələ ilə bağlı mədəniyyət, incəsənət xadimləri ilə söhbətində dedi ki,  istəyirəm, dövlət adlarını ləğv edək. Amma sonra nədənsə mədəniyyət xadimlərimiz  özləri bunun qalmasını təklif etdilər.
Burada, bir maddədə yazılır ki, yaradıcı şəxslərə fəxri adlar, mükafat, mənzil və sair verilə bilər. Bilmirəm, qanunda niyə belə yazmaq lazımdır? Dövlət yaradıcı şəxslərə diqqət və qayğı göstərirsə, qoy  göstərsin. Ancaq qanuna belə şeylər yazmaq olmaz. Sadəcə, yazılmalıdır ki, dövlət  xüsusi   vasitələrlə mədəniyyət işçilərinə himayə edir və sair.  Mən də buna tərəfdaram ki, bütün mədəniyyət işçilərimizə, yaxud xidməti olanlara,  hamıya mənzil verilsin.  Amma  qanunu belə xırdalamaq olmaz. Qanun  bütövlükdə problemi həll etməlidir, xırda məsələləri yox. Azərbaycan gələcəkdə inkişaf etdikcə, varlandıqca, dövlət onsuz da xüsusi fondlar, şirkətlər və sair mükafatlar təyin edəcək.
Layihədə mədəniyyət sərvətlərinin idarəçilik məsələləri də  konseptual baxımdan düzgün qoyulubdur. Bunun üzərində iş getməlidir. Valeh müəllimin qaldırdığı məsələlərin xeyli hissəsi ilə razılaşıram, onlara da diqqətlə yanaşmaq lazımdır. Kültür geniş anlayışdır. Dövlətçilik, mədəniyyət  məsələlərinə gəldikdə, bizim dövlətçiliyimiz həmişə olubdur və bu arealda olan bütün dövlətlərin qurulması prosesində iştirak etmişik, amma türk...

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Sağ olun, Mübariz müəllim. Vaxtımız sona çatır,  Jalə xanıma da söz verib müzakirəni yekunlaşdıraq. Buyurun, Jalə Əliyeva.
J.Əliyeva. Çox təşəkkür edirəm, Ziyafət müəllim.  Bu gün müzakirə etdiyimiz qanun layihəsi ilk növbədə dövlət mədəniyyət siyasətinin əsas  prinsiplərini müəyyənləşdirən və əhatə edən çox əhəmiyyətli bir sənəd kimi dəyərləndiril-məlidir. Çoxdan bəri gözlədiyimiz bu qanun layihəsində qarşıya qoyulan məqsədə, demək olar ki, çatmışıq. Yeni qanun bu sahənin tənzimlənməsi baxımından son dövrlərdə yaranan boşluqları doldurmağa və ortaya çıxan suallara cavab verməyə qismən imkan yaradacaq. Bütün müsbət tərəfləri ilə bərabər düşünürəm ki, bu qanun layihəsinin daha sonrakı oxunuşlara qədər mədəniyyət sahəsinin müasir yaxşı və pis meyilləri və bugünkü təkliflər də nəzərə alınmaqla daha dərindən təhlil edilməsinə və təkmilləşdirilməsinə ehtiyac vardır. Qanun layihəsinin komitədə  müzakirəsi zamanı səsləndirdiyim bir neçə məsələni  iclasda bir daha qeyd etmək istəyirəm.
Birinci növbədə dil haqqında fikrimi bildirmək istəyirəm. Gəlin etiraf edək ki, dilin  ilkinliyinin qorunması, inkişafı və gələcək nəsillərə saf bir şəkildə ötürülməsi  strateji baxımdan əhəmiyyətli bir məsələdir. Lakin təəssüflər olsun ki, hətta bir əsrlik rus işğalından qurtula bilən dilimiz son zamanlarda müxtəlif təsirlər nəticəsində eybəcər çalarlar qazanıb. Xüsusilə ekran, efir məkanından eşitdiyimiz dil, təqdim edilən reklamların, küçələrdə rastlaşdığımız lövhəciklərin dili və sair bunu deməyə əsas verir. İllər əvvəl “Azərbaycan dili haqqında” Qanun  qəbul  olunsa da, bu məsələ üzərində bir daha düşünməyə ehtiyac var. Ona görə də mədəniyyətin ayrılmaz bir parçası olan dil ilə bağlı qanun layihəsinə xüsusi bir fəslin və ya müddəanın daxil edilməsi yaxşı olardı.
İkinci məsələ mədəniyyət sərvətlərinin mühafizəsi ilə bağlıdır. Doğrudur, qanun layihəsində bununla bağlı xüsusi bir maddə var, lakin Azərbaycan torpaqlarında 20 ildən artıq haqsız müharibə gedən, 1 milyondan artıq vətəndaşı öz Vətənində qaçqın durumuna düşən bir ölkədir. Sadəcə, torpaqlarımız deyil, həmin torpaqların üzərindəki tarixi mədəniyyət abidələri, azərbaycanlıların bu torpaqların əzəli sakinləri olduqlarını əks etdirən ən qədim sənət nümunələri də ermənilər tərəfindən ya işğal edilərək özününküləşdirilib, ya da yerlə yeksan edilib.  Bu xüsusi durum  da qanun layihəsində, heç olmasa, bir müddəa ilə öz əksini tapmalı idi.
Üçüncü məsələ milli musiqimiz, müəllifi olan mahnıları-mız haqqındadır. Mahnılarımız xaricdə anonim müəllif musiqisi kimi populyarlıq qazanır və həmin parçaları dinləyən heç  kəs bunların Azərbaycana aid olduğunu bilmir. Bir müddət sonra bu musiqi  nümunələrimizi də “Sarı gəlin”in bugünkü taleyi gözləyir. Ölkə sərhədlərindən kənarda səs-lənən mahnılarımızın müəlliflik hüququnun qanunla qorunmasına  ehtiyac var.
Toxunmaq istədiyim dördüncü məsələ şou-biznes haq-qındadır. Bu söz birləşməsinə və  ona aid olan nümunələrə cəmiyyətdə münasibət birmənalı deyil. Ümumiyyətlə, şou-biznes nədir, sənət nümunəsidir, yoxsa bazar iqtisadiyyatının mədəniyyətə tətbiq edilən bir parçasıdır? Bizə lazımdırmı, lazım deyilmi? Mənəviyyatımızın, zövqümüzün formalaşmasında nə dərəcədə əhəmiyyətlidir? Bütün bu suallara çox tez-tez rast gəlirik və qanun layihəsində bu sahəyə ötəri toxunulub. Dövlət mədəniyyət fəaliyyətinin əsas formalarından bəhs edən 3-cü maddənin 3.0.3-cü hissəsində şou-biznes kinematoqrafiya, nəşriyyat, memarlıq, dizayn, multimedia kimi mədəni sənayenin bir forması olaraq nəzərdə tutulub. Lakin düşünürük, yaxşı olardı ki, qanun layihəsində bu sahədə mövcud olan və  əvvəldə səsləndirdiyim sualları cavablandıracaq və ümumiyyətlə, həmin sahə ilə bağlı bir çox məsələləri aydınlaşdıracaq, qanunvericiliklə onun tənzimlənməsinə əsas verəcək müddəalar da yer alsın.
Təbii ki, konseptual baxımdan müzakirə etdiyimiz üçün qeydlərimizi burada dayandırırıq. Mən həmkarlarımı  birinci oxunuşda bu qanun layihəsinə səs verməyə dəvət edirəm. Digər oxunuşa qədər bu təkliflərin nəzərə alınmasını xahiş edirəm. Təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm, Jalə xanım, çox sağ olun. Hörmətli deputatlar, bilirsiniz ki, bu qanun layihəsi birinci oxunuşda müzakirə olunur.  Milli Məclisin Daxili Nizamnaməsinə görə, biz birinci oxunuşda  qanun layihəsinə konseptual cəhətdən qiymət veririk. Bu nə deməkdir? Konseptual cəhətdən qiymət o deməkdir ki, bu qanunun qəbulu bizə lazımdırmı? Lazımdır. Onun maliyyə tutumu yetərlidirmi? Yetərlidir. Bu qanunun işləmə mexanizmi  realdırmı?  Realdır. Mən hesab edirəm ki, çıxış edən deputatlarımız bu məsələlərə tam aydınlıq gətirdilər. İkinci oxunuşda imkanımız olacaq ki, bu məsələlərlə bağlı hamı çıxış etsin, öz fikrini desin. İndi isə xahiş edirəm, qanun layihəsinə birinci oxunuşda münasibət bildirəsiniz.

Səsvermənin nəticələri (saat 18.08 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  103
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. Bununla da iclasımız sona çatır. 

 

 

 

 

EDİLMƏMİŞ ÇIXIŞIN MƏTNİ

6 aprel 2012-ci il

Arif Əşrəfov.  Mədəniyyət haqqında Azərbaycan Respublikası qanunu layihəsinin 9.1-ci maddəsində “dövlətin ali elmi qurumu” sözlərinin mahiyyəti açıqlanmalıdır.
“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respub-likası Konstitusiya Qanununun 64.4-cü maddəsinin tələblə-rinə əsasən, normativ hüquqi aktda dövlət orqanının səlahiyyətlərinin ümumiləşdirilmiş formada, yəni “orqan edə bilər”, “bir qayda olaraq”, “müstəsna hallarda yol verilir”, “orqan öz səlahiyyətləri daxilində”, “zərurət olduqda” və bunlara bənzər qeyri-müəyyən ifadələrdən istifadə edilməsinə yol verilmir. Bu baxımdan Mədəniyyət haqqında Azərbaycan Respublikası qanunu layihəsinin 14.1-ci maddəsində “verilə bilər” sözləri, “qanunvericilikdə nəzərdə tutulmuş qaydada verilir” sözləri ilə əvəz edilsin.
Mədəniyyət haqqında Azərbaycan Respublikası qanunu layihəsinin 16.1-ci maddəsinin ikinci cümləsi təkrar olduğu üçün çıxarılmasını məqsədəmüvafiq sayıram.
Mədəniyyət haqqında Azərbaycan Respublikası qanunu layihəsinin 21.1-ci maddəsindən “istənilən” sözünün çıxarılmasını təklif edirəm.
Mədəniyyət haqqında Azərbaycan Respublikası qanunu layihəsinin 44.1-ci maddəsində “Dövlət” sözünün “Müvafiq icra hakimiyyəti orqanı” sözləri ilə əvəz edilməsi qanuna müvafiqdir.

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi