2011-ci il 6 dekabr tarixli iclasın stenoqramı

DÖRDÜNCÜ ÇAĞIRIŞ

AZƏRBAYCAN RESPUBLİKASI

MİLLİ MƏCLİSİNİN

IV SESSİYASI İCLASININ

 

PROTOKOLU № 28

 

Milli Məclisin iclas salonu.

6 dekabr 2011-ci il.

 

İclasa Azərbaycan Respublikası Milli Məclisinin Sədri 

O.Əsədov sədrlik etmişdir.

 

İclasda Milli Məclisin 114 deputatı iştirak etmişdir.

 

Qeydiyyat  (saat 12.03 dəq.)

İştirak edir  111

Yetərsay  83

 

İclasa dəvət olunmuşlar:

 

Samir Şərifov, Azərbaycan Respublikasının maliyyə naziri.

Fazil Məmmədov, Azərbaycan Respublikasının vergilər naziri.

Şahin Mustafayev, Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri.

Füzuli Ələkbərov, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri.

Aydın Əliyev, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri.

Arif Vəliyev, Azərbaycan Respublikası Dövlət Statistika  Komitəsinin sədri.

Səlim Müslümov, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri.

Şahmar Mövsümov, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru.

Ağabala Hacıyev, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri.

Şahin Sadıqov, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının İqtisadiyyat və maliyyə-kredit siyasəti şöbəsinin müdiri.

Heydər Əsədov, Azərbaycan Respublikası Hesablama Palatasının sədri.

Adil Məhərrəmov, Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini.

 

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

 

1. Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

2. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2012-ci il büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

3. Azərbaycan Respublikasında 2012-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

4. Azərbaycan Respublikasında 2012-ci il üçün ehtiyac meyarının həddi haqqında  Azərbaycan Respublikası qanununun layihəsi barədə.

5. Azərbaycan Respublikası Milli Məclisinin 2012-ci il üçün xərclər smetası haqqında.

6. Azərbaycan Respublikası Hesablama Palatasının 2012-ci il üçün xərclər smetası haqqında.

7. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

 

Aşağıdakı məsələlər müzakirə edilmişdir:

 

1. Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

 

Çıxış etmişlər:  Oqtay Əsədov, Samir Şərifov

 

Təklif: Qanun qəbul edilsin

Səsvermənin nəticələri  (saat 12.17 dəq.)

Lehinə  107

Əleyhinə  3

Bitərəf  1

Səs vermədi  1

İştirak edir  112

Nəticə: Qəbul edildi

 

2. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2012-ci il büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

 

Çıxış etmişlər:  Oqtay Əsədov, Səlim Müslümov

 

Təklif: Qanun qəbul edilsin

Səsvermənin nəticələri  (saat 12.21 dəq.)

Lehinə  109

Əleyhinə  2

Bitərəf  0

Səs vermədi  0

İştirak edir  111

Nəticə: Qəbul edildi

 

3. Azərbaycan Respublikasında 2012-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası qanunu­nun layihəsi barədə.

 

Çıxış etmişdir:  Oqtay Əsədov

 

Təklif: Qanun qəbul edilsin

Səsvermənin nəticələri  (saat 12.22 dəq.)

Lehinə  103

Əleyhinə  3

Bitərəf  1

Səs vermədi  0

İştirak edir  107

Nəticə: Qəbul edildi

 

4. Azərbaycan Respublikasında 2012-ci il üçün ehtiyac meyarının həddi haqqında  Azərbaycan Respublikası qanununun layihəsi barədə.

 

Çıxış etmişdir:  Oqtay Əsədov

 

Təklif: Qanun qəbul edilsin

Səsvermənin nəticələri  (saat 12.23 dəq.)

Lehinə  101

Əleyhinə  3

Bitərəf  1

Səs vermədi  0

İştirak edir  105

Nəticə: Qəbul edildi

 

5. Azərbaycan Respublikası Milli Məclisinin 2012-ci il üçün xərclər smetası haqqında.

 

Çıxış etmişdir:  Oqtay Əsədov

 

Təklif: Qərar qəbul edilsin

Səsvermənin nəticələri  (saat 12.23 dəq.)

Lehinə  109

Əleyhinə  0

Bitərəf  0

Səs vermədi  1

İştirak edir  110

Nəticə: Qəbul edildi

 

6. Azərbaycan Respublikası Hesablama Palatasının 2012-ci il üçün xərclər smetası haqqında.

 

Çıxış etmişdir:  Oqtay Əsədov

 

Təklif: Qərar qəbul edilsin

Səsvermənin nəticələri  (saat 12.24 dəq.)

Lehinə  106

Əleyhinə  1

Bitərəf  1

Səs vermədi  0

İştirak edir  108

Nəticə: Qəbul edildi

 

7. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respubli­kası qanununun layihəsi barədə.

 

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə

 

Təklif: Qanun qəbul edilsin

Səsvermənin nəticələri  (saat 12.27 dəq.)

Lehinə  108

Əleyhinə  2

Bitərəf  1

Səs vermədi  0

İştirak edir  111

Nəticə: Qəbul edildi

 

 

Azərbaycan Respublikası

Milli Məclisinin Sədri          

O.ƏSƏDOV

 

 

MİLLİ  MƏCLİSİN  İCLASI

 

6 dekabr 2011-ci  il. Saat 12.

 

Azərbaycan Respublikası Milli Məclisinin Sədri

O.Əsədov sədrlik edir

 

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri, hörmətli media nümayəndələri! Hörmətli millət vəkilləri, xahiş edirəm, qeydiyyatdan keçəsiniz.

 

Qeydiyyat  (saat 12.03 dəq.)

İştirak edir  111

Yetərsay  83

 

Yetərsay var, iclasımıza başlaya bilərik.

Bildiyiniz kimi, biz üç gün 2012-ci il dövlət büdcəsinin  və büdcə zərfinə daxil edilmiş digər sənədlərin layihələrini müzakirə elədik. Hökumətə 10 gün vaxt verdik ki, burada səslənən təklifləri araşdırsınlar və yenidən Milli Məclisdə büdcənin hesabatını versinlər.

Bir də, büdcəyə aid bir məsələ – Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi gündəliyə əlavə edilib.

Təklif edərdim ki, iclasımıza nazirlərimizin çıxışından başlayaq.  Maliyyə naziri Samir Şərifov buyursun.

S.Şərifov,  Azərbaycan Respublikasının maliyyə naziri.

Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, xanımlar və cənablar! Azərbaycan Respublikasının 2012-ci il dövlət büd­cəsinin layihəsi və icmal büdcənin əsas göstəriciləri Milli Məclisin komitələrində və bir neçə plenar iclasda ətraflı müzakirə edilmişdir. Milli Məclisin Sədri hörmətli Oqtay müəllimin qeyd etdiyi kimi, son iclasımızdan sonra hökumət müzakirələr zamanı qaldırılan məsələlərlə bağlı müəyyən araşdırmalar aparmışdır.

Qeyd etmək istərdim ki, həm komitələrdə, həm də Məclisin plenar iclaslarında müzakirələr zamanı 74 nəfər hörmətli millət vəkili çıxış etmişdir. Onlar tərəfindən əhali­nin maddi rifah halının daha da yaxşılaşdırılması, ölkənin müdafiə potensialının və hərbiçilərin sosial müdafiəsinin güclən­dirilməsi, elm, təhsil, səhiyyə, mədəniyyət, idman, sə­naye və aqrar sektorlara, bələdiyyələrə, qeyri-hökumət təş­ki­lat­larına dövlət dəstəyinin artırılması, qeyri-neft sektorunun və ölkə regionlarının inkişafı, vəsaitlərin istifadəsində dövlət və ictimai nəzarətin daha da artırılması ilə bağlı təkliflər, suallar və  tövsiyələr irəli sürülmüşdür.

Eyni zamanda, müzakirələr zamanı bilavasitə büdcə prosesinə aid olmayan bir sıra məsələlər də qaldırılmışdı. Bütövlükdə müzakirələr zamanı qaldırılan təklif və suallara  mənim özüm, digər hökumət üzvləri, eyni zamanda, Hesab­lama Palatasının sədri və bir neçə millət vəkili tərəfindən, fikrimcə, ətraflı və geniş cavablar verilmişdir.

İrəli sürülmüş təklif və tövsiyələr hökumət tərəfindən təhlil edilmiş, onların həlli yolları, tətbiqi mexanizmi, maliyyə tutumu ilkin olaraq qiymətləndirilmişdir. Bu zaman hörmətli millət vəkillərinin bir sıra xərclərin artırılması ilə bağlı təkliflərindən irəli gələn işlərin həm fiziki həcmi, həm xüsusiyyətləri və perspektivləri, həm də maliyyə tutumunun və maliyyə təminatının mənbəyi üzrə məsələlər nəzərdən keçirilmişdir.

Digər tərəfdən, qaldırılan məsələlərin həlli üçün maliyyə təminatının yaradılması vəzifəsinə 2012-ci ildə büdcə dayanıqlığının təmin edilməsi prizmasından da baxılmışdır. Qeyd olunan amillər nəzərə alınmaqla təkliflərimizi diqqəti­nizə çatdırmaq istərdim.

Milli Məclisin xərclər smetasının müzakirəsi zamanı səslənən təkliflər, əsasən, nəzərə alınmaqla Milli Məclisin maddi-texniki təminatının möhkəmləndirilməsi, o cümlədən ezamiyyə, kommunal və kommunikasiya, internet xidməti, nəqliyyat vasitələrinin saxlanılması və alışı ilə bağlı xərc­lərin tənzimlənməsi üçün əlavə olaraq 671 min manat vəsaitin ayrılması məqbul hesab edilmişdir.

Millət vəkillərinin təkliflərinə əsasən ehtiyatda və istefada olan hərbi qulluqçular üçün müəyyən edilmiş mənzil kira­yə­si xərclərini qulluqda olan hərbçilərə verilən kirayə haq­la­rı­na uyğunlaşdırmaqla ortada olan fərqin aradan qaldırıl­ması üçün əlavə 1,4 milyon manat vəsaitin ayrılması da nə­zərə alı­nıb. Bununla əlaqədar qüvvədə olan normativ hüquqi akt­la­ra müvafiq dəyişiklik edilməsi ilə bağlı hökumət tə­rə­fin­dən müəyyən tədbirlərin görüləcəyini diqqətinizə çatdırırıq.

Bəzi hörmətli millət vəkillərinin təkliflərini nəzərə alaraq 2012-ci ilin dövlət büdcəsi layihəsində qeyri-hökumət təşki­latlarına maliyyə dəstəyi üçün nəzərdə tutulmuş 2,7 milyon manat vəsaitin bir milyon manat artırılaraq 3,7 milyon ma­na­ta, bələdiyyələrə verilən dotasiyanın məbləğinin 1,5 mil­yon manat artırılaraq 5 milyon manata çatdırılmasını, məişət zorakılığına qarşı mübarizə ilə bağlı parlamentlərarası əlaqə­lərin qurulması üçün tələb olunan 100 min manat vəsaitin ayrılmasını mümkün hesab etmək olar.

Sizin təklifləriniz diqqətə alınaraq Dövlət Neft Şirkətinə məxsus olan diaqnostika mərkəzlərinin, xəstəxanaların və mə­dəniy­yət saraylarının həmin təşkilatın balansından çıxarı­laraq Səhiyyə, Mədəniyyət və Turizm nazirliklərinin balan­sına verilməsi barədə müsbət qərar qəbul edilmişdir ki, bu tədbirlərin də maliyyə təminatı üçün əlavə 61 milyon manat vəsait tələb olunur.

Eyni zamanda, qeyd etmək istərdim ki, 2012-ci il dövlət büdcəsi layihəsinin Milli Məclisdə müzakirəsi zamanı və sonra ölkə Prezidentinin imzaladığı bir neçə sərəncamın və hökumət tərəfindən qəbul edilmiş müvafiq qərarların icrası ilə bağlı olaraq,  – eyni zamanda, tarif şurası tərəfindən bəzi qərarlar qəbul edilmişdir, – bəzi icra hakimiyyəti orqanları birləşdirilmiş, bəzi elmi tədqiqat institutlarının tabeçiliyi dəyişdirilmiş, ölkədə minimum əmək haqqı, bəzi büdcə təşkilatlarında çalışanların əmək haqları, mühafizə, istilik və məişət tullantılarının daşınması ilə bağlı xərclər üzrə tariflər artırılmışdır. Bütün bunların tətbiqi əlavə olaraq 20 milyon manat məbləğində maliyyə vəsaiti tələb edir.

Ali, orta ixtisas və texniki peşə təhsili müəssisələrində ödənişli təhsil üzrə qəbul planının artımı hesabına ödənişli əsaslarla təhsil alan tələbələrin illik təhsil haqlarından nəzərdə tutulandan əlavə 4 milyon manat daxilolmalar göz­lənilir. Bu hesaba da büdcədənkənar vəsaitlər üzrə gəlir və xərclərin müvafiq olaraq artırılmasına ehtiyac yaran­mışdır. Bu məsələlərin həlli ilə bağlı dövlət büdcəsi xərclərinin funksional və iqtisadi təsnifatının istiqamətləri üzrə müvafiq dəyişikliklərin aparılması və əlavə vəsaitin ayrılması zərurəti yaranmışdır ki, onların da 2012-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsində nəzərə alınmasını məqsədəuyğun hesab edirik.

Bütövlükdə yuxarıda sadaladığım həlli vacib hesab edilən tədbirlərin maliyyə təminatının yaradılması üçün əlavə təklif olunan 87,6 milyon manat vəsaitin ayrılması nəticəsində 2012-ci il dövlət büdcəsi xərclərinin təqdim olunmuş ümumi məbləği 0,5 faiz artırılaraq 16 milyard 984 milyon manat səviyyəsindən 17 milyard 72 milyon manata çatdırılacaqdır. 2012-ci il dövlət büdcəsi xərclərinin artımı üçün ayrılmış 87,6 milyon manat əlavə vəsaitin 63,6 milyon manatı səhiyyə, 7,1 milyon manatı təhsil, 4,6 milyon manatı mə­dəniy­yət, incəsənət və informasiya, 4,2 milyon manatı sosial müdafiə və sosial təminat, 4,2 milyon manatı ümumdövlət xidmətləri, 3,9 milyon manatı nəqliyyat və rabitə xərclərinə yönəldiləcəkdir. Əlavə tələb olunan xərclərin 1,6 milyon manatının 2012-ci il dövlət büdcəsinin gəlirlərinin, 86 milyon manatının isə dövlət büdcəsi kəsirinin artırılması hesabına təmin edilməsini təklif edirik.

Artımdan sonra dövlət büdcəsinin gəlirləri 16 milyard 438 milyon manat, dövlət büdcəsinin kəsiri 634 milyon manat, icmal büdcənin kəsirinin yuxarı həddi isə 1 milyard 893 milyon manat təşkil edəcəkdir. Dövlət büdcəsinin kəsirinin 2012-ci il üçün nəzərdə tutulan ümumi daxili məhsulda xüsusi çəkisi 0,2 faiz bənd artaraq 1,5 faiz təşkil edəcəkdir ki, bu da normal bir səviyyə hesab olunur.

Eyni zamanda, bildirirəm ki, bəzi hörmətli millət vəkil­lərinin “Dağlıq Qarabağın azərbaycanlı icması” İctimai Birliyinin normal fəaliyyətinin təmin edilməsi üçün əlavə maliyyə vəsaitinin ayrılması ilə bağlı təklifləri nəzərə alınıb. Mövcud maliyyə problemləri birliyin rəhbərliyi ilə araş­dırıldıq­dan və real tələbat müəyyən edildikdən sonra, – ilkin hesablamalara görə söhbət 500 min manatdan gedir, – 2012-ci il Dövlət Büdcəsinin Ehtiyat Fondundan birdəfəlik qaydada müvafiq vəsaitin ayrılması nəzərdə tutulub.

Bununla yanaşı, hörmətli millət vəkillərinin diqqətinə çat­dırmaq istərdim ki, Azərbaycan manatının dollara qarşı məzən­nəsinin möhkəmlənməsi nəticəsində Azərbaycan Res­publi­kası Mərkəzi Bankının valyuta ehtiyatlarının yenidən qiymətləndirilməsi üzrə yaranmış mühasibat itkiləri hesa­bına 2011-ci ilin sonuna gözlənilən 200 milyon manat məb­ləğində kapital çatışmazlığının dövlət tərəfindən ödənilməsi ilə bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankı hö­ku­mət qarşısında məsələ qaldırmışdır. “Azərbaycan Respubli­kasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsini rəhbər tutaraq  yaranmış kapital çatışmazlığının dövlət tərəfindən bərpa olunması üçün 2012-ci il dövlət büdcəsi layihəsində nəzərdə tutulmuş daxili dövlət borclanması üzrə limitin 200  milyon manat artırılması hesabına Mərkəzi Bankın nizamnamə kapitalına uzunmüddətli dövlət borc öhdəliklərinin yerləşdirilməsini mümkün hesab edirik. Bununla əlaqədar qanun layihəsində müvafiq düzəliş də edilmişdir.

Çıxışımın əvvəlində söylədiyim fikirlərə bir daha qayıdaraq qeyd etmək istəyirəm ki, bütövlükdə 2012-ci il dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı hörmətli millət vəkilləri tərəfindən irəli sürülən və Hesablama Palata­sının rəyində göstərilən digər təklif və tövsiyələr hökumətin diqqətində saxlanılmaqla ətraflı təhlil olunacaq, qəbul edil­diyi təqdirdə onların mərhələli qaydada növbəti orta­müd­dətli büdcə çərçivəsində və daha sonrakı dövrlər üçün dövlət və icmal büdcələrində baxılması və nəzərə alınması üçün təd­bir­lər görüləcəkdir.

Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, Azərbay­can Respublikasının Prezidenti tərəfindən Milli Məclisin müzakirəsinə təqdim olunmuş 2012-ci il dövlət büdcəsi haqqında qanun layihəsinin Milli Məclis tərəfindən qəbulu möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin iqtisadi potensialının artırılması, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində aparılan sosial-iqtisadi kursun növbəti ildə də həyata keçirilməsinə əyani dəstək olacaqdır. Bu gün təqdim edilmiş dəyişikliklər də nəzərə alınmaqla sizi qanun layihəsinə səs verməyə dəvət edirəm. Diqqətinizə görə təşəkkür edirəm.

Sədrlik edən. Çox sağ olun, Samir müəllim. Büdcədə olan dəyişikliklər məruzə edildi, bir çox millət vəkillərinin təklifləri qəbul edilib. Mən əminəm ki, may ayında büdcəyə yenidən dəyişikliklər olacaq və bir çox məsələlər də, yəqin, o dövrdə öz həllini tapacaq.

Əgər etiraz yoxdursa, səsə qoyaq.

Yerdən. (Eşidilmir.)

Sədrlik edən. Xahiş edirəm, büdcə layihəsinə münasibətinizi bildirəsiniz.

 

Səsvermənin nəticələri  (saat 12.17 dəq.)

Lehinə  107

Əleyhinə  3

Bitərəf  1

Səs vermədi  1

İştirak edir  112

Nəticə: Qəbul edildi

                   

Qəbul edildi, sağ olun.

Növbəti məsələ Dövlət Sosial Müdafiə Fondunun 2012-ci il büdcəsi haqqındadır. Buyurun, Səlim Müslümov.

Yerdən. (Eşidilmir.)

Sədrlik edən. Suallar verilib. İndi büdcəni yenidən müzakirə eləmirik. Buyurun, Səlim müəllim.

S.Müslümov, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri.

Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, xanımlar və cənablar! Büdcə müzakirələrindən keçən 10 gün ərzində biz hörmətli millət vəkillərimiz tərəfindən qaldırılmış mə­sələlər barədə müvafiq orqanlarla fikir mübadiləsi apar­dıq. Həmin problemlərin həlli üçün hansı addımların atılmasının müm­künlüyü barədə müəyyən nəticələr əldə etdik. Ümumi­likdə qaldırılmış məsələlər üzrə Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə dəyişiklik edilməsi zəruri bilindi və qanunun müəllifi ilə razılaşdırıldı. Həmin dəyişiklik barədə məlumatı diqqətinizə çatdırmaq istərdim.

Burada millət vəkillərinin bir çoxu tərəfindən sığortaolu­nan­ların uşaqlarının sağlamlıq düşərgələrində müalicəsi üçün ayrılan vəsaitin az olması barədə məsələ qaldırıldı və onun artırılması istiqamətində addımların atılmasının zə­ru­riliyi bildirildi. Bu məsələ həm Azərbaycan Respublikasının Həmkarlar İttifaqları Konfederasiyasının rəhbərliyi, həm də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının mü­vafiq şöbələri və dövlət müşaviri ilə müzakirə olundu. Son­da biz 3.2-ci maddədə sığortaolunanların uşaqlarının sağlamlıq düşərgələrində istirahətinin təşkili üçün ayrılan vəsaitin daha 100 min manat artırılaraq 250 min manata çatdırılması barədə qərar qəbul etdik. Həmin vəsait 3.1-ci maddədən 3.2-ci maddəyə yönəldiləcəkdir. 3.1-ci maddədə isə 12,5 milyon manat 12,4 milyon manata endiriləcəkdir.

Bundan əlavə, hörmətli millət vəkillərimizin müzakirələr zamanı qaldırdığı əsas məsələlərdən biri ölkə ərazisində pensiyaçılar üçün əlavə bankomatların yerləşdirilməsi ilə bağlı idi. Bu müddət ərzində biz həm Beynəlxalq Bankın, həm də Kapital Bankın rəhbərliyi ilə təmasda olduq. Mən hər iki bankın rəhbərliyini dəvət etdim və Dövlət Sosial Müdafiə Fondunda müvafiq müzakirələr aparıldı. Bey­nəl­xalq Bank tərəfindən əlavə olaraq 50, Kapital Bank tərəfin­dən isə 23 bankomatın  yaxın müddətdə  ölkənin bütün əra­zisin­də yerləşdirilməsi və quraşdırılması barədə qərar qəbul olun­du. Bundan əlavə, Azərbaycan Respubli­kasının Bey­nəlxalq Bankı tərəfindən daha 50 bankomat və 4 səyyar ban­ko­mat sifariş olundu. Bunlar da növbəti ilin ilk yarısında mü­­vafiq yerlərdə quraşdırılacaqdır. Beləliklə, pensiyaların əha­liyə çatdırılması istiqamətində mövcud olan problemlərin ara­dan qaldırılması istiqamətində millət vəkillərinin irəli sür­düyü təkliflərin gerçəkləşdirilməsi üçün müvafiq ad­dım­lar atılmış oldu. Bütün bunlar nəzərə alınmaqla Dövlət So­si­al Müdafiə Fondunun növbəti il üçün büdcəsinin ümumi məb­ləği dəyişilməz qalır. Mən hörmətli millət vəkillərimizi mü­vafiq dəyişikliklərlə birlikdə bu qanun layihəsinə səs ver­mə­yə çağırıram və öncədən dərin təşəkkürümü bildirirəm. Çox sağ olun.

Sədrlik edən. Çox sağ olun. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibətinizi bildirəsiniz.

 

Səsvermənin nəticələri  (saat 12.21 dəq.)

Lehinə  109

Əleyhinə  2

Bitərəf  0

Səs vermədi  0

İştirak edir  111

Nəticə: Qəbul edildi

 

Qəbul edildi, sağ olun.

Növbəti məsələ 2012-ci il üçün yaşayış minimumu haqqında qanun layihəsidir. Bu məsələni də müzakirə eləmişik. Sual yoxdursa, xahiş edirəm, münasibətinizi bildirəsiniz.

 

Səsvermənin nəticələri  (saat 12.22 dəq.)

Lehinə  103

Əleyhinə  3

Bitərəf  1

Səs vermədi  0

İştirak edir  107

Nəticə: Qəbul edildi

 

Qəbul edildi, sağ olun. Xahiş edirəm, 2012-ci il üçün eh­ti­yac meyarının həddi haqqında qanun layihəsinə münasi­bətinizi bildirəsiniz.

 

Səsvermənin nəticələri  (saat 12.23 dəq.)

Lehinə  101

Əleyhinə  3

Bitərəf  1

Səs vermədi  0

İştirak edir  105

Nəticə: Qəbul edildi

              

Çox sağ olun, qəbul edildi.

 Növbəti məsələ Azərbaycan Respublikası Milli Məclisi­nin 2012-ci il üçün xərclər smetası haqqındadır. Bu barədə də məruzə elədilər. Başqa sual yoxdursa, xahiş edirəm, münasibətinizi bildirəsiniz.

 

Səsvermənin nəticələri  (saat 12.23 dəq.)

Lehinə  109

Əleyhinə  0

Bitərəf  0

Səs vermədi  1

İştirak edir  110

Nəticə: Qəbul edildi

 

Qəbul edildi, sağ olun.

Azərbaycan Respublikası Hesablama Palatasının 2012-ci il üçün xərclər smetası haqqında layihəyə, xahiş edirəm, münasibətinizi bildirəsiniz.

 

Səsvermənin nəticələri  (saat 12.24 dəq.)

Lehinə  106

Əleyhinə  1

Bitərəf  1

Səs vermədi  0

İştirak edir  108

Nəticə: Qəbul edildi

 

Çox sağ olun, qəbul edildi.

Nəhayət, sonuncu məsələ Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədədir. Ziyad Səmədzadə, buyurun.

Z.Səmədzadə,  Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri.

Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən ilk növbədə  Milli Məclisi, Azərbaycan hökumətini 2012-ci il dövlət büdcəsinin təsdiqi ilə əlaqədar olaraq təbrik edirəm. Arzu edirəm ki, büdcə layihəsinin müzakirəsi zamanı edilən təkliflər bundan sonra da bu səviyyədə nəzərə alınsın.

Cənab Prezident tərəfindən təqdim edilmiş qanun la­yi­hə­si­nin 22-ci maddəsinə aşağıdakı dəyişikliyin edilməsi nə­zər­də tutulur. Bilirsiniz ki,  22-ci maddə vergi orqanları iş­çi­lə­ri­nin sosial müdafiəsini əhatə edir.

Digər strukturlar kimi, vergi orqanları işçilərinin sosial mü­dafiəsi də müvafiq prinsiplərlə tənzimlənir. Təklif olunur ki, vergi orqanları işçilərinin sosial müdafiəsi məqsədi ilə ver­­gi orqanları tərəfindən tətbiq edilən və dövlət büdcəsinə da­xil olan maliyyə sanksiyaları məbləğinin 25 faizi hesabına bu orqanların büdcədənkənar fondu yaradılsın. Bu məsələ Mil­li Məclisin İqtisadi siyasət komitəsində müzakirə olun­muş və təbii ki, müxtəlif fikirlər səslənmişdir. Amma bütöv­lük­də cənab Prezident tərəfindən təqdim olunan bu qanun la­yi­həsinə  müsbət münasibət bildirilməsi xahiş olunur. Eyni za­manda, biz Vergilər Nazirliyi ilə müvafiq hesablamalar apar­dıq. Təklif edilən rəqəmlər göstərir ki, bu, Azərbaycan Res­publikasının bir sıra strukturlarında edilmiş də­yi­şik­lik­lə­rə müvafiqdir. Yəni edilmiş dəyişikliklərin nəticəsində vergi iş­çilərinin sosial müdafiəsindəki bəzi uyğunsuzluqlar müəy­yən dərəcədə aradan qaldırılacaqdır. Millət və­kil­lə­rin­dən bu qa­nun layihəsinə müs­bət münasibət bildirmələrini xa­hiş edər­dim. Sağ olun.

Sədrlik edən. Çox sağ olun. Biz bir neçə strukturda bu məsələni həll eləmişdik. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibətinizi bildirəsiniz. 

 

Səsvermənin nəticələri  (saat 12.27 dəq.)

Lehinə  108

Əleyhinə  2

Bitərəf  1

Səs vermədi  0

İştirak edir  111

Nəticə: Qəbul edildi

 

Çox sağ olun, qəbul edildi.

Bir daha hökumət üzvlərini 2012-ci il büdcəsinin qəbul olun­ması ilə əlaqədar təbrik edirik! Biz arzu edərdik, im­kan­la­rımız o dərəcədə olsun ki, may ayında büdcə də­yi­şik­li­yin­də qalan məsələlər də öz həllini tapsın. Sağ olun.

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi