2011-ci il 22 fevral tarixli iclasın stenoqramı

DÖRDÜNCÜ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
II SESSİYASI İCLASININ

PROTOKOLU № 8

Milli Məclisin iclas salonu.
22 fevral 2011-ci il.

İclasa Azərbaycan Respublikası Milli Məclisinin Sədri O.Əsədov sədrlik etmişdir.

İclasda Milli Məclisin 100 deputatı iştirak etmişdir.

Qeydiyyat (saat 12.01 dəq.)
İştirak edir: 100
Yetərsay: 83

İclasa dəvət olunmuşlar:

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlüyünə namizədlər:

Məzahir Pənahov,
Şaitdin Əliyev,
Fuad Cavadov,
Ramiz İbrahimov,
Validə Kazımova,
Qabil Orucov,
Tofiq Həsənov,
İlham Məmmədov,
Natiq Məmmədov,
Arifə Muxtarova,
Nizami Nadirov,
Azər Tağıyev,
Tamam Cəfərova,
Bəxşeyiş Əsgərov,
Mikayıl Rəhimov,
Almas Qəhrəmanlı,
Akif Qurbanov,
Etibar Quliyev,
Hüseyn Paşayev,
Sürəddin Hümbətov,
Nadir Adilov.

*  *  *

Səfər Mehdiyev, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini.
Sənan Muxtarov, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hüquq şöbəsinin müdiri.

*  *  *

Aydın Süleymanov, Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Hüquq şöbəsinin müdiri.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin və əvəzedici üzvlərinin seçilməsi haqqında.
2. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin layihəsi haqqında.
3. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavələr və dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
4. “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qa-nununa əlavələr edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
5. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavə edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Aşağıdakı məsələlər müzakirə edilmişdir:

1. Gündəlik haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Fazil Mustafa, Zahid Oruc, Siyavuş Novruzov, İqbal Ağazadə, Vahid Əhmədov, Elmira Axundova, Qüdrət Həsənquliyev, Əli Məsimli, Bəxtiyar Əliyev, Jalə Əliyeva, Gülər Əhmədova.

Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.01 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  102
Nəticə: Qəbul edildi

2. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin və əvəzedici üzvlərinin seçilməsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, İqbal Ağazadə, Aydın Mirzəzadə, Fazil Mustafa, Siyavuş Novruzov.

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.52 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 2
Səs vermədi 1
İştirak edir  105
Nəticə: Qəbul edildi

3. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə, Vahid Əhmədov, Əli Məsimli, Aydın Abbasov, Fərəc Quliyev, Rafael Cəbrayılov, Aydın Mirzəzadə, Elmira Axundova, Valeh Ələsgərov, Jalə Əliyeva, Ziyafət Əsgərov.

Təklif: Layihə birinci oxunuşda qəbil edilsin
Səsvermənin nəticələri (saat 13.59 dəq.)
Lehinə 107
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir  108
Nəticə: Qəbul edildi

4. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavələr və dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli, Fazil Mustafa, Elmira Axundova, Qüdrət Həsənquliyev, Siyavuş Novruzov, Kamilə Əliyeva, Musa Quliyev, Ziyafət Əsgərov, Fəzail Ağamalı, Hikmət Atayev, Etibar Hüseynov, Elton Məmmədov, Çingiz Qənizadə, Məlahət İbrahimqızı.

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 17.17 dəq.)
Lehinə 96
Əleyhinə 3
Bitərəf 1
Səs vermədi 1
İştirak edir  101
Nəticə: Qəbul edildi

5. “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Ziyad Səmədzadə, Siyavuş Novruzov, Qüdrət Həsənquliyev, Fazil Mustafa, Zahid Oruc, Oqtay Əsədov, Hikmət Atayev.

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 17.44 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir  103
Nəticə: Qəbul edildi

6. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavə edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli, Qüdrət Həsənquliyev, Rafael Cəbrayılov, Astan Şahverdiyev.

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 17.56 dəq.)
Lehinə 102
Əleyhinə 2
Bitərəf 3
Səs vermədi 0
İştirak edir  107
Nəticə: Qəbul edildi


Azərbaycan Respublikası
Milli Məclisinin Sədri 
O.ƏSƏDOV


 


MİLLİ  MƏCLİSİN  İCLASI

22 fevral 2011-ci il. Saat 12.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir


Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçək.

Qeydiyyat (saat 12.01 dəq.)
İştirak edir 100
Yetərsay  83

Çox sağ olun. Yetərsay var, iclasa başlaya bilərik. Gündəlik hamınıza paylanıb. Xahiş edirəm, gündəliyə münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 12.01 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  102
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. Müzakirələrə ehtiyac var? Xahiş edirəm, yazılın. Fazil Mustafa, buyurun.
F.Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri, hörmətli qonaqlar! Mən ilk öncə ötən gün ölən əsgərlərimizin ailələrinə başsağlığı vermək istəyirəm. Düşünürəm ki, cəzasızlıq mühiti davam etdikcə bu hadisələrin təkrarı olacaqdır. Ona görə də ciddi tədbirlər görülməsi vacibdir.
İkinci çox vacib bir məsələyə toxunmaq istəyirəm. Azərbaycan–Türkiyə strateji əməkdaşlığı haqqında çox əhəmiyyətli bir saziş imzalandı. Yaxınlarda Türkiyə Böyük Millət Məclisində bu sənəd ratifikasiya olunacaqdır.
Ötən dəfə də, xatırlayırsınızsa, həmkarlarımdan biri türk dili ilə bağlı problemə toxundu. Mən hesab edirəm ki, bu, haqlı bir məsələnin qaldırılması idi. Çünki bizim müvafiq qanunda xarici dövlətlərlə bağlı bir sıra məhdudiyyətlər nəzərdə tutulubdur. Türkiyə ilə münasibətlərdə isə belə məhdudiyyətlərin tətbiqi, xüsusən də türk dilindən tərcümə məsələsi mənə də qəribə görünür.
Bütün hallarda Türkiyəni başqa xarici dövlətlərlə bir sıraya qoymaq böyük ədalətsizlik olardı. Ona görə də Türkiyə tərəfindən Azərbaycana təklif olunan viza rejiminin qaldırılması məsələsinə Azərbaycan müsbət münasibət bildirməlidir. Mən 1992-ci ildə Naxçıvanda Türkiyə ilə Azərbaycan arasında Ümid körpüsü açılanda Türkiyənin Baş naziri Süleyman Dəmirəllə mərhum Heydər Əliyevin etdiyi çıxışları xatırlatmaq istərdim. Məncə, bu çıxışlar Türkiyə–Azərbaycan münasibətlərinin xarakterini çox gözəl ifadə edir.
Bu çıxışları oxuyandan sonra özünüz o qənaətə gələcəksiniz ki, başqa ölkələrə tətbiq elədiyimiz rejimləri Türkiyə ilə münasibətlərə şamil etmək olmaz. Gürcülər Türkiyə ilə Gürcüstan arasında vizasız gediş-gəliş rejimi tətbiq elədilər. Bizim də bunu etməyimiz, məncə, Azərbaycanın strateji maraqlarına uyğun olar.
Digər tərəfdən, Türkiyənin tikib bizə bağışladığı Şəhidlik Camisi təmirə dayanıbdır. O məsələyə də müəyyən mənada anlayışla yanaşmaq lazımdır. Çünki bu çox həssas məsələdir. Bu məsələdə də Azərbaycan tərəfinin addım atması vacib ola bilər.
Nuru Paşa məsələsinə toxunmaq istəyirəm. Brejnevlə bağlı məşhur bir lətifə var idi. Deyirdilər, Brejnev deyir, “Mumu”nu Turgenev yazıb, abidəni Çexova qoyublar. Bizdə isə Bakını işğaldan Nuru Paşa azad edib, abidəni Hüsnü Mübarəkə qoyublar. Azərbaycan Nuru Paşanın haqqını əvvəl-axır qaytarmalıdır. Bir küçəyə onun adını vermək, Bakıda ona bir heykəl qoymaq nə çətin işdir ki?! Axı bu gün burada – Milli Məclisdə rahat iclas keçirməyimizin səbəblərindən biri də Nuru Paşanın göstərdiyi tarixi şücaətdir. Bu məsələyə həssas yanaşmağı xahiş edərdim.
Sədrlik edən. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli Məclis üzvləri! Mən də dünən Azərbaycan ordusunun hərbi hissələrinin birində baş vermiş faciəli hadisədən dərindən üzüldüyümü, narahat olduğumu bildirirəm. Şübhəsiz ki, bu, təkcə 7 ailənin itkisi deyil, orduda xidmət edən şəxslər bütövlükdə millətin övladlarıdır. Ona görə də bu hadisə bütövlükdə millətimizin ürəyini ağrıdır, hamımızı narahat edir. Əlbəttə, biz göz önünə gətirməliyik ki, son 6 ildə – dinc şərait adlandırdığımız bu dönəmdə hərbi hissələrdə Azərbaycanın itkiləri 500-dən artıqdır. Bu qeyri-rəsmi rəqəmin 300-dən artığını qeyri-döyüş şəraitində itkilər təşkil edir. Bunların hər biri bizim üçün siqnal olmalıdır. Çünki bir Azərbaycan əsgərinin itirilməsi bir düşmən mövqeyinin güclənməsi deməkdir.
Biz, əlbəttə, kifayət qədər ehtiyatlı ifadələrdən istifadə edirik. Mən danışarkən də düşünürəm ki, bir parlament üzvünün orduya münasibət bildirməsi düşmən tərəfdə, onların siyasi dairələrində, cəmiyyətində nə əks-sədalar doğurur.
Şübhəsiz ki, ordu bizim güvənc yerimizdir. Dövlət başçısının bir Ali baş komandan olaraq ötən illər ərzində Azərbaycan ordusunun tam peşəkar əsaslarla qurulması istiqamətində məqsədyönlü fəaliyyətini əks etdirmək üçün bircə rəqəmi demək yetər. Azərbaycanın Silahlı Qüvvələrində xidmət edən insanların sayı 100 mindir. Bu isə əhalimizin 1,01 faizini təşkil edir. Dövlət başçısı Azərbaycan büdcəsinin 20 faizini, yəni beşdən birini bu sferaya yönəltməklə xalqımızın təhlükəsizliyini nə səviyyədə qorumaq istədiyini ortaya qoyubdur. Demək ki, bu vəsait ordunun gücləndirilməsi ilə yanaşı, hərbi xidmət keçən insanların sosial şəraitinə, hüquqi münasibətlərinə, zabit-əsgər əlaqələrinin yaxşı səviyyədə qurulmasına və sairə yönəlməlidir. Ona görə də düşünürəm ki, Azərbaycanın müdafiə naziri bilavasitə hərbi hissələri ziyarət eləməli, orduda xidmət edən insanların həyatı ilə maraqlanmalı və bu insanların qarşılaşdıqları problemlərin aradan qaldırılmasına səy göstərməlidir. O cümlədən düşünürəm ki, dövlət başçısı yanında Silahlı Qüvvələrə nəzarət üzrə yaranmış qurum işləkliyini göstərməlidir. Çünki cəmiyyətdə bu hadisə ilə bağlı reaksiyaları ilk qarşılamaq, istintaqın hələ son nəticələrini gözləmədən hansısa şayiələrə, dedi-qodulara yol verməmək üçün ciddi addımlar atılmalıdır.
Artıq 8-dən çox ölkə Qarabağa öz vətəndaşlarının getməsini qadağan edib. Bu, Azərbaycan xarici siyasətinin uğurudur. Bu bizim diplomatik qələbələrimizin bir nümunəsidir. Əminəm ki, bu proses davam edəcək və gələcəkdə Qarabağın bizim ərazimiz kimi tanınması barədə bir qərarla sonuclanmış olacaq.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Mən də ilk növbədə hərbi hissədə baş vermiş hadisə ilə bağlı ölənlərin yaxınlarına başsağlığı verirəm. Təbii ki, ordu ilə bağlı bu məsələ üzrə araşdırmalar gedir. Bu gün mətbuatda ayrı-ayrı insanlar bundan bir şou düzəltmək istəyirlər. Ona görə də hesab etmirəm ki, bunun bu cür müzakirə olunmasına ehtiyac var. Ordu Ali baş komandan qarşısında hesabat verir. Hazırda istintaq gedir, nəticəsi ilə bağlı məlumat olduqdan sonra digər addımlar atılacaqdır.
Qəribədir ki, düşmən tərəfdə baş verən hadisələrin heç biri mətbuatda işıqlandırılmır, amma bizdə olmayanın da üstünə bir az əlavə eləyib mətbuatda geniş şou düzəldilir və ordu sıraları ilə bağlı fikirlər söylənir. O cümlədən həmkarım indi 500 rəqəmini dilə gətirdi. O, bilmirəm, hansı dəqiq məlumata əsaslandı. Belə bir məlumat yoxdur. Elə götürsən, keçən ilin hesabatına görə, dinc şəraitdə avtomobil nəqliyyatından Azərbaycanda 2000 adam ölüb və 4 minə yaxın insan da xəsarət alıb. Heç bir müharibə getmir, sadəcə olaraq, şəhərin küçəsində avtomobil sürür. Azərbaycan döyüş vəziyyətindədir və ordu ilə bağlı məsələlərin belə açıq müzakirəsi həm psixoloji, həm hərbi, həm də kəşfiyyat baxımından doğru deyil.
Digər bir məsələ. Heykəllərlə bağlı məsələyə kompleks şəkildə yanaşmaq lazımdır. Biz qərar qəbul eləməliyik ki, nə olmalıdır – nə götürülməlidir, nə qoyulmalıdır. Hərdən görürsən ki, bir rayonun adı dəyişdirilir və ya bir heykəl götürülür. Hər bir məsələyə kompleks şəkildə yanaşmalıyıq. Hər bir yaranan şeyin özünün bir tarixi var. Bizdən başqa MDB-nin, demək olar ki, bütün ölkələrində sovet dövründə qoyulmuş heykəllərin heç birinə toxunulmayıb. Axı bu heykəllərin özü də bir tarixdir, vətəndaşlarına göstərir ki, bu kimdir. Vətəndaş da oxuyub öyrənir ki, bu adamın həmin ölkəyə hansı ziyanı dəyib. Beləliklə, həmin adam haqqında bir fikir formalaşır. Yəni bu tarixi hərdən biz silib atırıq.
Təbii ki, Nuru Paşaya heykəl qoyulmasına heç kim etiraz etməz. Bakının azad olunmasında onun xüsusi xidməti var. O cümlədən də Çanaqqala döyüşlərində iştirak etmiş azərbaycanlılara abidə qoyulmalıdır. Orada 3 mindən artıq azərbaycanlı şəhid olubdur. Bu abidələr xalqlarımız arasında tarixi kökləri olan qardaşlıq əlaqələrinin daha bir nişanəsi olardı. Bunlar hamısı, xüsusilə də viza sistemi qarşılıqlı razılaşma əsasında olmalıdır. İlkin dövrdə viza sisteminin ləğvinə Naxçıvandan başlamaq olar.
Sədrlik edən. Sağ olun. İqbal Ağazadə.
İ.Ağazadə. Çox sağ olun, hörmətli cənab Sədr. Hörmətli millət vəkilləri! Mən də dünən hərbi hissədə baş verən hadisələrlə bağlı doğmalarını itirmiş ailələrin hamısına başsağlığı verirəm və həmkarlarımdan fərqli olaraq bunun hansısa istintaq qrupu tərəfindən tədqiq olunmasını yox, mart ayının 15-də hökumətin hesabatı zamanı müdafiə nazirinin Milli Məclisdə hesabat verən hökumət nümayəndələri arasında olmasını istəyirəm. Əvvəla, ona görə ki, hökumət təkcə sosial-iqtisadi sahələri deyil, həm də digər sahələri idarə edir. İkinci bir tərəfdən isə bu, Azərbaycan ordusunda ilk hal deyil. Bir neçə dəfə bu cür hallar olub və təəssüflər olsun ki, hər dəfə də istintaq aparılarkən yalnız hadisəni törədənlər cəzalandırılıb və ya əsgər özünə qəsd edibsə, cinayət işi bu zəmində bağlanıb. Hadisəni doğuran şərait necə olub, hadisə nədən doğub, bunu niyə bu həddə çatdırıblar, əsgər niyə bu vəziyyətə gəlib çıxıb, niyə orduda psixoloji durum bu vəziyyətdədir? Bu suallara heç bir istintaq qrupu cavab verməyib. Ona görə də hesab edirəm ki, hökumətin hesabatı zamanı müdafiə naziri burada olmalı, millət vəkillərinin suallarına cavab verməli və ordudakı vəziyyətlə bağlı məsələyə aydınlıq gətirməlidir.
Burada Türkiyə ilə viza məsələsinə çox toxunuldu. Mən bu gün İran və Türkiyə ilə viza rejiminin aradan qaldırılmasına qətiyyətlə etiraz eləyirəm. Ona görə ki, həm Türkiyədə, həm də İranda Azərbaycanı sevməyən, Azərbaycanın ərazi bütövlüyünə qəsd edib burada separatçılıq əməli törətmək istəyən kifayət qədər qruplar var. Bizimlə eyni soydan olan türk vətəndaşları ilə yanaşı, bu qruplar da vizasız rejimdən istifadə edərək Azərbaycana gələcək və Azərbaycan dövlətinin əleyhinə geniş çeşiddə iş aparmaq imkanı əldə edəcəklər. Hesab edirəm ki, viza rejiminin ləğvi hələlik çox tezdir. Bu məsələyə Azərbaycan hökuməti açıq münasibət bildirməlidir. Türkiyədə və İranda bu məsələlər öz həllini tapmayana qədər Azərbaycan tərəfinin bu məsələdə tələskənliyə yol verib vizasız rejimə keçməsi, xüsusilə də, – burada səsləndi, – Naxçıvanda bu məsələlərə rəvac verilməsi yolverilməzdir.
Mən bir məsələni də diqqətinizə çatdırmaq istəyirəm. Bu gün bayramqabağı ilk çərşənbə axşamıdır. Qiymətlər Azərbaycanda sürətlə artır. Mən çox istərdim, Milli Məclis səlahiyyətlərindən istifadə edib hökumətin buradakı hesabatına qədər müvafiq qurumlara elə tövsiyələr versin ki, ən azı Novruz bayramına qədər qiymətlərin süni surətdə şişirdilməsinin qarşısı alınsın. Novruz bayramına hələ bir ay qalıb, qiymətlər fantastik dərəcədə qalxır. Qiymətlərin artıq bir neçə faiz artması barədə mətbuatda kifayət qədər məlumat verilib. Hesab edirəm, qiymətlər hökumətin buradakı hesabatına qədər tənzimlənməlidir. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Vahid Əhmədov.
V.Əhmədov. Çox sağ olun, hörmətli cənab Sədr. Hörmətli millət vəkilləri, hörmətli mətbuat! 2011-ci il yanvarın 14-də cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan hökumətinin geniş iclası keçirildi. Həmin iclasda bir sıra məsələlərə toxunuldu. Cənab Prezident ictimai həyatımızın ən ağrılı məsələləri – Azərbaycan iqtisadiyyatında olan korrupsiya, rüşvətxorluq, inhisarçılıq, sahibkarlığa kənar müdaxilələr, süni qiymət artımı ilə əlaqədar müəyyən göstərişlər verdi. Bundan sonra cənab Ramiz Mehdiyevin yanında geniş iclas və bütün nazirliklərdə kollegiya iclasları keçirildi, bu məsələ ilə əlaqədar müəyyən göstərişlər verildi. Azərbaycan cəmiyyəti bunu yüksək qarşıladı və aşağı təbəqədə bu artıq özünü büruzə verməkdədir. Amma çox təəssüflər olsun ki, – bayaq İqbal müəllim də qeyd elədi, – bunun əks effekti meydana çıxdı, ərzaq bazarında süni qiymət artımına imkan yaradıldı. Bu gün bazarda qiymət çox yüksək sürətlə artır.
İndi qarşımızda duran əsas məsələ, təbii ki, korrupsiyaya qarşı mübarizədir. Bununla əlaqədar olaraq Milli Məclis də öz fəaliyyətində müəyyən dəyişikliklər etməli, əvvəllər qəbul edilmiş bir sıra qanunlara yenidən baxmalıdır. Məsələn, “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi Qaydaları haqqında” Qanun 2005-ci ilin iyun ayında qəbul olunsa da, bu günə qədər icra olunmur. Məqsəd nədir, niyə bu qanun icra olunmur? Aydındır ki, bunun səbəbi birbaşa korrupsiya və rüşvətxorluqla bağlıdır.
Maliyyə nəzarəti haqqında qanun layihəsi ilə bağlı bir neçə dəfə məsələ qaldırmışıq. İri maliyyə mənbələri olduğu üçün bu qanunun qəbul edilməsinə çox böyük ehtiyac var. Mən təklif edərdim ki, bu qanun layihəsi Milli Məclisə təqdim edilsin.
Rəqabət Məcəlləsi haqqında qanun layihəsi artıq 5 ilə yaxındır ki, Milli Məclisdədir və bu il də payız sessiyasının gündəliyinə daxil edilib. Mən Milli Məclisin rəhbərliyindən xahiş edirəm, payız sessiyasında bu məcəlləni qəbul edək.
Dördüncü məsələ kapitalın amnistiyası ilə əlaqədardır. İnsanlar onsuz da kimliyindən asılı olmayaraq müəyyən qədər kapitala malikdirlər. Bu kapitalın düzgün və ya əyri yolla əldə edilməsi məsələnin başqa tərəfidir. Həmin kapital hazırda xaricə axmaqda davam edir. Bunun qarşısını almaq üçün belə bir qanunun qəbul edilməsinə böyük ehtiyac var. Elə etmək lazımdır ki, insanlar həmin kapitalı Azərbaycana investisiya şəklində yatırsınlar.
Digər bir məsələ. Məncə, korrupsiya ilə, inhisarçılıqla əlaqədar olaraq bir sıra qanunlara dəyişikliklər edilməlidir. Mən təklif edərdim ki, Milli Məclisin hüquq siyasəti komitəsi, digər komitələri bu məsələlər ətrafında ciddi fikirləşib, Milli Məclisə öz təkliflərini versinlər. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Elmira Axundova.
E.Axundova. Hər bir xalqın mədəniyyətinin inkişafında və yaşadılmasında teatrların rolu danılmazdır. Müasir dünyamızda teatrların inkişaf səviyyəsi xalqın mədəniyyətinin inkişaf göstəricisi kimi qəbul olunur. Bu baxımdan ölkəmizdə teatrların yeni və təmirli binalarla təmin edilməsi, maddi-texniki bazasının təkmilləşdirilməsi, teatrlara dövlət qayğısının artırılması yüksək qiymətləndirilməlidir. Ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən “Teatr və teatr fəaliyyəti haqqında” Qanunun və dövlət proqramının təsdiq edilməsi bu sahəyə dövlət qayğısının daha bir təzahürüdür.
Xatırladım ki, bir neçə il bundan əvvəl bəzi teatrlarımızın, məsələn, Bakı Bələdiyyə, Pantomima, Şuşa teatrlarının öz binaları yox idi. Yeri gəlmişkən, onu da qeyd edim ki, Bakı Bələdiyyə Teatrı 1990-cı illərin əvvəllərində ümummilli lider Heydər Əliyevin tövsiyəsi ilə Bakı Şəhər İcra Hakimiyyəti nəzdində yaradılmışdır. Görkəmli aktrisamız, respublikanın xalq artisti Amaliya Pənahovanın bədii rəhbərliyi altında 110 nəfərlik işçi heyəti ilə fəaliyyət göstərən bu teatrın müharibə dövründə xüsusilə böyük xidmətləri olmuşdur. O cümlədən Pantomima, Şuşa teatrları öz binalarından məhrum olsalar da, böyük zəhmət nəticəsində mövcudluqlarını və tamaşaçılarını saxlaya bilmişlər.
Bütün bunlar nəzərə alınaraq adları çəkilən teatrlara Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə kinoteatr binalarında yer verilmişdir. Belə ki, Bakı Bələdiyyə Teatrı “Drujba”, Pantomima Teatrı “Şəfəq”, Şuşa teatrı isə “Savalan” kinoteatrlarında yerləşdirilmişlər. Adları çəkilən teatrlara kinoteatr binalarında yer verilməsi, əlbəttə, müsbət haldır. Amma bu yer sığınacaq kimi olmamalıdır. Yəni kinoteatrda teatr üçün 2-3 otaq ayırmaqla məsələni həll etmək olmaz. Artıq həmin kinoteatrlarda öz biznesini qurmuş, buradan öz mülkiyyəti kimi istifadə edən kinoteatr direktorları müxtəlif vasitələrlə teatrların həmin binalarda fəaliyyətinə əngəllər törədirlər. Buna görə də mən müvafiq qurumlardan çox xahiş edərdim ki, bu mafiyaya son qoyulsun və teatrların həmin binalardakı səmərəli fəaliyyətinə şərait yaradılsın.
Kinoteatr binalarının əksəriyyəti uzun illərdir ki, öz təyinatları üzrə fəaliyyət göstərmir. Bu binalardan mebel salonu, alğı-satqı ofisləri, un məmulatları bişirən yer kimi istifadə olunur. Hətta şəhərin mərkəzində bəzi binalar bomj sığınacaqlarına, narkomanların toplantı yerinə, əxlaqsızlıq yuvalarına çevrilib. Bütün bunlar dözülməz və ürəkağrıdıcı faktlardır.
Vaxtilə bütün ölkə ərazisində mədəniyyət klubları, mədəniyyət evləri aktiv fəaliyyət göstərərdi. İndi isə o fəaliyyətdən heç bir əsər-əlamət qalmayıb. Bu mədəniyyət klublarının əksəriyyəti özəlləşib və hazırda kommersiya məqsədi ilə istifadə olunur. Bütün bunları nəzərə alaraq, mən belə bir təşəbbüslə çıxış etmək...
Sədrlik edən. Vaxt bitdi. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox sağ olun, cənab Sədr. Dünən biz iki məlumat aldıq. Birincisi cənab Prezident tərəfindən qaçqınların məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı imzalanmış fərman idi və bu, Bakı şəhərində acınacaqlı vəziyyətdə yaşayan 210 min qaçqınla yanaşı, onların o vəziyyətinə görə narahat olan bütün vətəndaşlarımızı sevindirdi.
Amma biz dünən bir faciəli informasiya da aldıq. Bu da orduda 7 əsgərin öldürülməsi idi. Mən bununla bağlı onların ailələrinə və bütün xalqımıza dünən mətbuatda başsağlığı vermişəm. Bu məsələ burada qaldırıldı. Çox təəssüf edirəm ki, deputat həmkarım Siyavuş Novruzov ordumuzdakı problemlərin şişirdildiyini deyir. Nə şişirdilir? Bundan artıq nə baş verməlidir, Siyavuş Novruzov? Son iki il ərzində eyni korpusda üçüncü dəfədir, əsgərlər odlu silahla bir-birini qətlə yetirirlər. Bunu düşmən eləmir ki, deyək, müharibə vəziyyətindəyik, belə hallar da ola bilər. Aydın Mirzəzadə deyir ki, psixoloji gərginlik var, ona görə əsgərlər bunu eləyirlər.
Mən hesab edirəm ki, bunu ört-basdır eləmək lazım deyil. Bu problemin üstünə getmək lazımdır və bunun üçün də ordudakı vəziyyətə məsuliyyət daşıyan insanlar cəzalandırılmalıdır. Niyə Azərbaycanda hamı çalışır ki, uşaqları Naxçıvanda qulluq eləsin? Ona görə ki, Naxçıvanda hərbi hissələrdə, həqiqətən, ciddi nizam-intizam yaradılıb. Azərbaycanın başqa yerlərində də bunu yaratmaq lazımdır. Bunun üçün orduya nəzarət gücləndirilməlidir və həmin korpusun komandiri, o korpusa nəzarət edən vəzifəli şəxslər haqqında ciddi ölçülər götürülməlidir.
Mən iki il sovet ordusunda qulluq eləmişəm. O zaman hərbi hissələrdə baş verən hadisələr bütün əsgərlərə elan olunurdu. Sovet ordusu 3 milyonluq bir ordu idi, bizim 120 minlik bir ordumuz var. Mən iki il ərzində eşitmədim ki, sovet ordusunda əsgərlər bir-birini silahla qətlə yetirsinlər. Baxmayaraq ki, orada nizamnamədən kənar münasibətlər mövcud idi. Ona görə mən hesab edirəm ki, Milli Məclis bu məsələnin üstünə getməlidir. Bizim Təhlükəsizlik komitəsi təcili müdafiə nazirini dəvət eləməli, müvafiq komitədə dinləmə keçirməli və hökumətin hesabatında bu barədə millət vəkillərinə ciddi məlumat verilməlidir.
Bundan başqa, burada viza rejimi ilə bağlı söhbət oldu. Deyildi ki, İranla, Türkiyə ilə sərhədləri açmamalıyıq. İndi dünya qloballaşıb. Ona görə də həmin təxribatçı qüvvələr viza da alıb ölkəyə gələ bilirlər. Hesab edirəm ki, bunlar heç bir ciddi əsası olmayan fikirlərdir. Cənubda bizim 35 milyon qardaşımız yaşayır. Biz İranla da viza rejimini aradan qaldırmalıyıq ki, onlar öz vətənlərinə gəlib-getsinlər. Azərbaycanın bir hissəsi müstəqil dövlətini qurub, Cənubi Azərbaycan hələ müstəqilliyə nail olmayıb. Bura onların da vətəninin bir hissəsidir. Türkiyə ilə də biz eyni millətik. Ona görə bizim aramızda viza ola bilməz. Biz Rusiyaya vizasız gedib-gəlirik, halbuki torpaqlarımızı Ermənistanla birlikdə Rusiya işğal eləyib. Türkiyə ilə hərbi yardım haqqında saziş imzalayır, bildiririk ki, Azərbaycan torpaqlarının azad olunmasında Türkiyə iştirak eləyə bilər, amma onunla viza rejimini saxlayırıq. Ona görə də viza rejimi aradan qaldırılmalıdır.
Sədrlik edən. Sağ olun. Əli Məsimli.
Ə.Məsimli. Hörmətli Sədr, hörmətli millət vəkilləri, xanımlar və cənablar! Fevralın 17-də Şəkidə 2010-cu ilin hesabat yığıncağı oldu. Kifayət qədər normal keçdi. Orada qaldırılan məsələlərlə əlaqədar seçicilərlə görüşlər keçirildi.
Mən burada 3 məsələni xüsusi qeyd eləmək istəyirəm. Şəkinin qazla təchizatının yaxşılaşdırılması sahəsində işlər uğurla gedir və kəndlərin də qazla təchizatı istiqamətində addımlar atılır. Təbii ki, seçicilər tərəfindən bu, müsbət qarşılanır. Həm də ona görə ki, əgər kəndlərin qazla təchizatı güclənsə, meşələr qırılmayacaq, bu da ekoloji tarazlığın təmin edilməsində mühüm rol oynayacaq.
İkinci, Şəkinin su təchizatı işində təməl qoyulub. Arzu edirlər ki, bu layihə təkcə şəhərlə məhdudlaşmasın, kəndlərin də su təchizatı məsələsinə doğru genişlənsin.
Üçüncü məsələ, hesab edirəm ki, ərzaq təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir. 2010-cu ilin yekunları müzakirə olunan zaman dövlət başçısı tərəfindən qarşıya vəzifə qoyuldu ki, xüsusən taxıl istehsalını artırmaqdan ötrü əlavə stimullardan istifadə olunmalıdır. Nazirlər Kabinetinin bu istiqamətdə qərarı çıxandan sonra Şəkidə taxıl istehsalı sahəsi 2,5 dəfə artdı, eyni zamanda, məhsuldarlıq yüksəldi.
Şəki Azərbaycan ərazisinin 2,8 faizini təşkil edir. Amma əlverişli şərait yaradılsa, taxıl istehsalının 10-15 faizini verə bilər. Təəssüflər olsun ki, belə bir artım mərhələsində Şəkinin fermerləri dövlət tərəfindən ayrılan subsidiyanın bir hissəsini ala bilmədilər və bu da Şəkidə taxıl istehsalına mənfi təsir göstərdi. Deyilə bilər ki, mənfi təsir təbii fəlakət nəticəsində olur. Azərbaycanın coğrafiyasında təbii fəlakətə bəlkə də ən az məruz qalan Şəki ərazisi olub. Burada mənfi təsirə səbəb təbii fəlakətdən daha çox bilavasitə dövlət tərəfindən verilməli olan həmin subsidiyanın kimlər tərəfindənsə niyəsə gecikdirilməsi olub. Nəticədə Şəkidə taxıl istehsalı 2010-cu ildə 62 faiz azalıb. Dövlət pul ayırır. Əlaqədar təşkilatların borcudur, həmin pulu vaxtında kəndlilərə versinlər ki, onlarda stimul yaransın. Mən yenə deyirəm, əlverişli şərait yaradılarsa, Şəki Azərbaycanın taxıl istehsalında strateji bir mənbəyə çevrilə və ölkə üzrə taxıl istehsalının 10–15 faizini verə bilər. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Bəxtiyar Əliyev.
B.Əliyev. Təşəkkür edirəm, cənab Sədr. Mən də həlak olmuş əsgərlərimizin ailələrinə başsağlığı verirəm. Hesab edirəm, bu məsələlər diqqətlə araşdırılmalıdır ki, gələcəkdə belə faciələrin qarşısı alınsın.
Mən sizin diqqətinizi iki məsələyə cəlb etmək istəyirəm. Son vaxtlar ölkədə aparılan böyük işlər nəticəsində bizim iqtisadiyyatımız sürətlə inkişaf edir. Cənab Prezidentin diqqət və qayğısı nəticəsində məcburi köçkünlərimiz xüsusi evlərlə, mənzillərlə təmin edilir, onların həyatı yaxşılaşdırılır. Amma çox təəssüf ki, bunun müqabilində məcburi köçkünlərin 17–18 il məskunlaşdığı evlərdən məhkəmə qaydasında çıxarılması dəb düşüb, bununla bağlı kütləvi məhkəmə prosesləri başlayıb. Məndə belə bir təəssürat oyanır ki, dövlətin məcburi köçkünlərlə bağlı apardığı uğurlu siyasətə kölgə salmaq, bu insanlar arasında narazılıq yaratmaq istəyənlər var. Mən çox istərdim ki, əlaqədar təşkilatlar bunu araşdırsınlar. Əgər məcburi köçkün 18 il bundan əvvəl məskunlaşdığı yerdən çıxarılmalıdırsa, deməli, o haradasa yaşayış evi ilə təmin edilməlidir. Çünki cənab Prezidentin bununla bağlı iki böyük fərmanı var və orada göstərilir ki, məcburi köçkünlər məskunlaşdıqları yerlərdən çıxarıla bilməzlər.
İkinci məsələ. Vaxtilə Milli Məclisdə məsələ qaldırılmışdı ki, cəbhəyanı və sərhədyanı bölgələrlə bağlı xüsusi qanun layihəsi işlənib hazırlanmalıdır. Regionların inkişafı ilə bağlı dövlət proqramlarından biri başa çatıb, böyük nəticələr, uğurlar əldə olunub. İkinci dövlət proqramında isə işğal altında olmayan ərazilərimizdə, cəbhə xəttində olan bölgələrimizdə nəzərdə tutulmuş işlərin həyata keçirilməsi müddəti göstərilmədiyindən bu işləri dövlət proqramının başa çatdığı ən son ilə saxlayırlar. Halbuki yaxşı olardı ki, onlar bir az önə çəkilsin, ilk növbədə həmin bölgələrdə işlər həyata keçirilsin, dövlət proqramının o müddəaları yerinə yetirilsin. Belə olarsa, atəşkəs xəttinin o tayı və bu tayında olan insanlar da görərlər ki, harada hansı işlər görülür və bunun mesajları ünvanına, yəqin ki, dəqiqliklə çatar.
Sədrlik edən. Sağ olun, Bəxtiyar müəllim. Jalə Əliyeva.
J.Əliyeva. 20 ildən artıq bir müddət ərzində ədalətsiz, haqsız bir müharibəyə sürüklənən ölkə olaraq çox sayda şəhid vermişik. Minlərlə insan bu döyüşlərdə sağlamlığını itirib və bu gün müharibə veteranıdır. Bu insanlar cənab Prezidentin qayğısı və himayəsi ilə əhatə olunublar. Onların bir çox dövlət imtiyazları var. Lakin müharibənin, demək olar, ilk günlərindən döyüşlərdə iştirak etmiş, uzun müddət cəbhə bölgəsində xidmət etmiş bir qrup insan da var ki, bu günə qədər veteran vəsiqəsini ala bilmir.
Deputatı olduğum rayondan 1992-ci ilin aprel ayında rayon hərbi komissarlığının əmri ilə Qarabağ uğrunda döyüşlərə atılan ehtiyatda olan baş leytenant Ağdam, Sırxavənd, Ağdərə uğrunda gedən döyüşlərdə iştirak edib və son döyüşdə, Ağdərə uğrunda döyüşdə həyatını itirən 5 nəfərə onun şahidliyi ilə şəhid statusu verilib. Manqasında xidmət etmiş bütün əsgərlərə veteran statusu verilib. Lakin həmin şəxs özü bu günə kimi veteran vəsiqəsini ala bilmir. Onu da qeyd edim ki, hərbi biletində döyüşlərdə iştirak etməsi barədə qeyd də var, möhür də var. Bununla əlaqədar rayon hərbi komissarlığına etdiyi müraciətdən sonra ona deyilib ki, respublika hərbi komissarlığına müraciət eləməlisən. Respublika hərbi komissarlığına müraciət etdikdən sonra aldığı cavab bundan ibarət olub ki, sizin hərbi hissənin sənədləri yanıb. Gərək məhkəmə sizin döyüşlərdə olmağınız haqqında qətnamə versin. Məhkəmə isə vəkil tutmağı tövsiyə edib və beləcə bu məsələ uzun illərdən bəri ötür-ötürə salınıb. Bilirəm ki, həmkarlarımın da bir hissəsi öz seçicilərindən buna bənzər müraciətlər alır.
Oqtay müəllim, Azərbaycan Respublikası Milli Məclisinin “Veteranlar haqqında” 1994-cü ildə qəbul etdiyi qanun var. Daha sonra, 1995-ci ildə bu kimi halların qarşısını almaq məqsədi ilə Nazirlər Kabineti xüsusi əsasnamə hazırlayıb. Düşünürəm ki, bu kimi hallar yerlərdə və yaxud əlaqədar təşkilatlarda veteranlara məsuliyyətsiz yanaşma üzündən baş verir. Arxivlərin yanması, sənədlərin itməsi şəxsin döyüşlərdə iştirak etməsinin müəyyənləşdirilməsinə əngəl ola bilməz, sadəcə, bəhanə ola bilər. Ona görə də bu problemlə bağlı Milli Məclis rəhbərliyi səviyyəsində müvafiq qurumlar qarşısında məsələ qaldırılmasını Sizdən xahiş edirəm. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Artıq yarım saata qədərdir müzakirə edirik. Gülər Əhmədova, buyurun, bununla bitirək.
G.Əhmədova. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri! Əgər unutmamısınızsa, keçən çağırışda da əsgərlərin öldürülməsi, bir-birinə qarşı kobud hərəkətləri ilə bağlı məsələ müzakirə edirdik. O zaman Müdafiə Nazirliyindən bir narahatçılıq da gəldi ki, nəyə görə bunu bu qədər geniş müzakirə edirik. Mən ilkin olaraq həmkarlarıma qoşulub bütün analara və atalara səbir diləyir və dərin hüznlə başsağlığı verirəm.
Bir fikri xüsusilə qeyd eləmək istəyirəm. Əgər ordumuz birmənalı şəkildə NATO standartlarına uyğun qurulursa, bu orduda psixoloji yardım yüksək səviyyədə təşkil olunmalıdır. Biz bunu artıq neçə illərdir ki, deyirik. Mən inanmıram ki, bu orduda ən ağıllı adam Səfər Əbiyevdir. Çünki ən ağıllı adam o olmuş olsaydı, bu məsələni çoxdan həll edərdi.
Məsələ burasındadır ki, həm zabitlərin, həm də əsgərlərin arasında psixoloji yardım prosesi yenidən qurulmasa, bu məsələlərin sonu olmayacaq. Çünki xüsusi şəraitdə yaşayan insanların, ailədən gəlib kazarma şəraitində yaşayan insanların psixologiyasında istər-istəməz müəyyən dəyişikliklər əmələ gəlir. Buna da, şübhəsiz ki, dünyanın bütün ordularında rast gəlinir. Bayaq qeyd elədiyim kimi, NATO standartlarında olan orduda mütləq psixoloji yardım məsələləri yoluna qoyulmalıdır. Ordumuzda ideya-siyasi işlərə rəhbərlik eləyən insanlara buradan çox böyük təəssüflə bildirmək istəyirəm ki, doğrudan da, öz işlərinin öhdəsindən gəlmədikləri üçün, əlbəttə, bu xalqın qarşısında bir daha üzr istəməlidirlər. Sağ olun.
Sədrlik edən. Sağ olun, müzakirələri bitirdik. Gündəliyə keçirik. Gündəliyin birinci məsələsi Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası üzvlərinin və əvəzedici üzvlərinin seçilməsi haqqındadır. Layihə “Mərkəzi Seçki Komissiyası haqqında” Qanunun 24-cü maddəsinə uyğun olaraq hazırlanıb və sizə təqdim edilib.
Bildiyiniz kimi, “Mərkəzi Seçki Komissiyası haqqında” Qanuna uyğun olaraq Mərkəzi Seçki Komissiyası 18 nəfərdən ibarət olur. 18 nəfərin 6 nəfəri çoxluq qazanan partiyanın, 6 nəfəri tam müstəqil millət vəkillərinin, 6 nəfəri isə azlıq təşkil eləyən partiyaların nümayəndələri olur. Namizədlərin siyahıları da məhz bu qaydada hazırlanıb sizə təqdim edilmişdir. Müzakirələrə başlayırıq. İqbal Ağazadə.   
İ.Ağazadə. Çox sağ olun, hörmətli Sədr. Hörmətli millət vəkilləri! Mərkəzi Seçki Komissiyasının formalaşdırılması, təbii ki, Azərbaycan Respublikasının müvafiq qanununa uyğun olaraq həyata keçirilir və bu gün qüvvədə olan Seçki Məcəlləsi Mərkəzi Seçki Komissiyasının məhz bu qaydada formalaşdırılmasını diktə edir. Amma bundan çox-çox əvvəl də biz burada təkliflər vermişdik. Mən çoxluq və azlıq termininə aydınlıq gətirmək niyyətində deyiləm. Amma məsələnin bir tərəfi var ki, bu hər zaman çox ciddi problem yaradır.
Bitərəflər Azərbaycan Respublikasının Milli Məclisində kifayət qədər çox səsə malikdirlər, səhv etmirəmsə, 40-dan yuxarı yerləri var. Mərkəzi Seçki Komissiyasının formalaşdırılması prosesində mən onların Məclisdə say baxımından iştirakını bəlkə də məqbul hesab edirəm. Amma sabah dairə və məntəqə seçki komissiyaları formalaşdırılacaq. Heç bir rayon təşkilatı, yerlərdə adamları olmayan bitərəflər... Məsələn, tutaq ki, rayonlardan birində bitərəf millət vəkili seçilməyib, azlıqda və ya çoxluqda olan partiyaların birindən seçilib. Milli Məclisin burada toplaşan 40 nəfər üzvü hansı əsaslarla, nəyə söykənərək gedib həmin ərazidə dairənin və məntəqənin üzvlərini təyin edəcəklər, onları haradan seçəcəklər, necə seçəcəklər? Bu praktika illər uzunudur davam edir və hər dəfə də dairə və məntəqə seçki komissiyalarının üzvləri, əslində, yerli icra hakimiyyətləri tərəfindən təyin olunan adamlar olur. Bu isə nəticə etibarilə parlamentdəki azlıq və çoxluq arasında balansın pozulmasına gətirib çıxarır.
Parlament siyasi bir yerdir. Seçilən millət vəkillərinin siyasi mənsubiyyəti ola da bilər, olmaya da bilər. Dünyanın bir sıra ölkələrində siyasi mənsubiyyəti olmayanlar bu tipli formalaşdırmada iştirak etmirlər. Ona görə də, hesab edirəm ki, bitərəf millət vəkilləri Mərkəzi Seçki Komissiyasının formalaşdırılmasında iştirak etsələr də, dairə və məntəqələrin formalaşdırılması azlıq və çoxluq arasında elə bölünməlidir ki, yerlərdə o proporsiya pozulmasın. Bu, azlıq və çoxluğun qüvvələri arasında elə bölüşdürülməlidir ki, onlar yerlərdə dairə və məntəqələri formalaşdıra bilsinlər. Bitərəflər yığışıb buradakı nümayəndəni müəyyən edirlərsə, dairə və məntəqələrdəki nümayəndələri hansı əsaslarla və harada yığışıb, iclas keçirib müəyyən edirlər? Bunun bir sistemi olmalıdır. Təbii ki, istəsələr belə bu sistem özünü doğrultmaz. Bunlar qeyri-hökumət təşkilatlarına və sair təşkilatlara müraciət etmirlər ki, mənə bu işdə iştirak etmək istəyən insanlar verin. Biz indiyə qədər praktikada rast gəlməmişik ki, bitərəflər yığışıb hansı formadasa dairə və məntəqələr təşkil etsinlər. Ona görə də, hesab edirəm, dairə və məntəqələrin təşkili əgər hətta bugünkü Seçki Məcəlləsi çərçivəsində həyata keçirilirsə, azlıq və çoxluq arasında bərabər bölünməlidir. Bu, məsələnin birinci tərəfi. Təbii ki, Seçki Məcəlləsi müzakirə edilmədiyinə görə mən Mərkəzi Seçki Komissiyasının, ümumiyyətlə, özünün formalaşması barədə danışmaq istəmirəm.
Yeri gəlmişkən, bir məsələni də demək istəyirəm. Mərkəzi Seçki Komissiyasının cəmi 18 üzvü var. Amma diqqət edin, Azərbaycanda bütün seçkiləri həyata keçirən Mərkəzi Seçki Komissiyasının üzvlərinin diplomatik pasportu yoxdur. Mərkəzi Seçki Komissiyası üzvlərinin deputatların səlahiyyətinə, hətta hakimlərin səlahiyyətinə uyğun səlahiyyətləri yoxdur. Halbuki bütün seçkiləri Azərbaycanda Mərkəzi Seçki Komissiyasının üzvləri keçirirlər. Bütün seçkilərə onlar cavabdehdirlər. Necə olur ki, onların bir diplomatik pasport daşımaq imkanları da tanınmır. Onlara bu şəkildə yanaşmaq doğru deyil.
Hər halda biz komitələrin ümumi iclasında bu layihə ilə razılaşmışıq. Razılaşdığımız üçün də, təbii ki, mən bugünkü formatı dəstəkləyəcəyəm, amma yenə də iradlarımı bildir-dim. Çox sağ olun.
Sədrlik edən. İqbal müəllim, hər hansı bir rayonda sizin partiyanın nə qədər üzvü var? Yaxud bütün rayonlarda nə qədər partiya üzvləri var və nə qədər partiyasızlar var? Siz niyə müstəqil insanları siyasətdən kənar, ictimaiyyətdən kənar sayırsınız? Reallığı görmək üçün rayonların və hər rayonda hər hansı partiyanın üzvlərinin və bitərəflərin sayına baxmaq kifayətdir. Ona görə belə yanaşma tamamilə doğru deyil. Aydın Mirzəzadə.
A.Mirzəzadə. Təşəkkür edirəm, Oqtay müəllim. Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq hər parlament seçkisindən sonra Mərkəzi Seçki Komissiyasının tərkibi yenidən formalaşır. Bu gün parlamentdə təmsil olunan partiyalar MSK üzvlüyünə öz namizədlərini Seçki Məcəlləsində nəzərdə tutulmuş formatda təqdim edirlər. Bu başqa söhbətdir ki, nədən Mərkəzi Seçki Komissiyası və yerli komissiyalar bu nisbətdə formalaşır. Bu, Seçki Məcəlləsi söhbətidir. Parlamentdə bu barədə kifayət qədər söhbət gedib, bu sualların hamısına cavab verilib. Həqiqət və reallıq ondan ibarətdir ki, bu gün Mərkəzi Seçki Komissiyasının bu prinsiplə formalaşması özünü doğruldub. Bu prinsip parlamentdə təmsil olunan siyasi partiyaların gücü və reallığı nəzərə alınaraq Mərkəzi Seçki Komissiyasında təmsil olunmasına və beləliklə, MSK-da fikir müxtəlifliyinə, müxtəlif siyasi partiya üzvlərinin təmsilçiliyinə şərait yaradır. Mən hesab edirəm ki, bu gün MSK-nın bu qaydada formalaşması özünü kifayət qədər doğruldub.
Ötən 5 il ərzində MSK-nın tərkibi öz üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirib. Mən xüsusilə MSK sədri cənab Məzahir Pənahovun fəaliyyətini qeyd etmək istərdim. Məzahir Pənahovun namizədliyi üzvü olduğum Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüşdü. Bu müddətdə o özünü seçki qanunvericiliyinə uyğun, bütün demokratik prinsiplər gözlənilərək fəaliyyətini həyata keçirən bir qurumun rəhbəri kimi aparmışdır. Lakin mən təkcə cənab Pənahovun fəaliyyətini deyil, ümumiyyətlə, MSK-da artıq formalaşmış demokratik mühiti qeyd etmək istərdim. Mən özüm Yeni Azərbaycan Partiyası tərəfindən iki ümummilli seçkidə MSK-nın məşvərətçi səslə üzvü olmuş və MSK-nın öz işinə necə məsuliyyətlə yanaşmasının şahidi olmuşam.
Yeni Azərbaycan Partiyası bu gün MSK üzvlüyünə özünün 6 namizədini təqdim edib. Bunlar əvvəldən də həmin tərkibdə olmuş və özünü doğrultmuş insanlardır. Hesab edi-rik ki, bu 6 nəfər MSK-da yenidən həm partiyamızı, eyni zamanda, parlamenti yüksək səviyyədə təmsil edə biləcəkdir. Eyni zamanda, təqdim edilən digər namizədlərin də şəxsi işləri ilə tanışlıq göstərir ki, onlar da MSK-nın fəaliyyətini yüksək şəkildə qura biləcəklər.
Ümumən, mən təqdim edilmiş siyahını məqbul hesab edirəm. Ümidvaram ki, onlar MSK-nın üzvü seçilərlərsə, yenidən öz üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirə biləcəklər. Mən onların namizədliklərinə səs verəcəyəm və əgər seçilərlərsə, indidən onların hər birini təbrik etmək istərdim. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Fazil Mustafa.
F.Mustafa. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli namizədlikləri verilmiş MSK üzvləri! Mən də burada səslənən bəzi fikirlərə qoşulmaq istəyirəm. Məncə, bizim burada MSK-nın necə formalaşması ilə bağlı müzakirə açmağımız doğru olmaz. O baxımdan ki, biz məsələyə qanunvericilik nöqteyi-nəzərindən yanaşırıq. Qanunda, təbii ki, çatışmazlıqlar, bizim də qəbul eləmədiyimiz müddəalar var. Amma bu gün bunu dilə gətirməklə biz MSK-nın formalaşmasında hansısa bir qanunvericilik dəyişikliyi nəzərdə tutmadığımıza görə, məncə, konkret proseduru həyata keçirməyimiz daha vacibdir.
Mən bir məsələdə deputat həmkarıma dəstək vermək istəyirəm. Həqiqətən də, başqa ölkələrdə belə seçkiləri keçirən qurumların kifayət qədər geniş səlahiyyətləri olur. İndi MSK-nı əgər biz belə seçkiləri keçirən bir qurum kimi qəbul ediriksə, niyə MSK üzvlərinin, həqiqətən, diplomatik pas-portu olmasın? Elementar bir məsələdir. Hansısa bir nazir və ya nazir müavini diplomatik pasporta malikdir, MSK üzvü isə yox. Halbuki MSK üzvü də kifayət qədər böyük səlahiyyətə malik olan şəxsdir. Buna biz niyə bu qədər aşağı kateqoriyalı şəxs kimi yanaşırıq? Məncə, bu məsələ öz həllini tapmalı və biz seçkiyə necə yanaşdığımızı göstərmək üçün bu qurumda təmsil olunan insanların statusunu yüksəltməyi nəzərdə tutmağı bacarmalıyıq.
İkinci bir məsələ ilə bağlı. Burada MSK-ya namizədlərin siyahıları paylandı. Mən çox təəssüf edirəm ki, indi qanunvericilikdə nəzərdə tutulan müddəaya görə bəzi partiyalar orada təmsil olunmayıb. Siyahıda xüsusilə də bizim islahat blokuna daxil olan Ədalət Partiyasının təmsilçisi yoxdur. Bununla belə, Oqtay müəllim, mən Sizin özünüzdən də, MSK-nın yeni formalaşan rəhbərliyindən də xahiş edərdim ki, dairələr, məntəqələr formalaşanda MSK-da üzvlüyü olmayan partiyaların da hüquqlarının qorunma mexanizmi tapılsın. Elə olsun ki, parlamentdə azlıqda olan, amma MSK-da təmsilçiliyi olmayan partiyalar belə bu komissiyalarda bərabər əsaslarla təmsil oluna bilsinlər. Bu məsələyə xüsusi diqqət yetirmək lazımdır, çünki yerlər məhduddur, hamını əhatə etməyə bilər. MSK-da təmsil olunmayan partiyaların da gələcəkdə hüquqlarının qorunması üçün bu məsələyə çox həssaslıqla yanaşılması vacibdir. Ümumiyyətlə, mən hesab edirəm ki, MSK-nın formalaşması ciddi bir hadisədir. Mən bir daha yeni seçiləcək MSK üzvlərini təbrik edir və onlara səs verəcəyimi bildirirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Təkid edən yoxdur? Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, Oqtay müəllim. Mən də MSK üzvlüyünə irəli sürülən namizədlərin hər birini yaxından tanıyıram və hesab edirəm ki, layiqli namizədlərdir, onların siyahısı Milli Məclis tərəfindən təsdiq edilməlidir.
Mən burada qaldırılan bir neçə məsələyə öz münasibətimi bildirmək istəyirəm. Birincisi, dünyanın hər yerində ölkə əhalisinin cəmi 10 faizi siyasətlə məşğul olur, qalan 90 faizi bitərəfdir. Bu gün hətta bitərəflər 90 faiz təşkil etdiyi halda, MSK üzvlərinin bərabər bölünməsi Seçki Məcəlləsində artıq öz əksini tapıb. Məncə, bundan ədalətli bölgü ola bilməz.
İkinci bir tərəfdən, Seçki Məcəlləsinin Mərkəzi Seçki Komissiyası haqqında olan fəslində göstərilir ki, “dairə və məntəqələri Mərkəzi Seçki Komissiyası formalaşdırır”. Yəni ar-tıq burada hansısa partiyadan söhbət getmir, dairə və məntəqələrin formalaşma mexanizmi Mərkəzi Seçki Komissiyasına aiddir.
Digər tərəfdən, Siz çox gözəl qeyd etdiniz, Oqtay müəllim. Tutaq ki, Bərdə rayonunda 102 məntəqə var. 102 məntəqədən hər birinə azlıqda olan siyasi partiya, deyək ki, 2 nəfər namizəd irəli sürür. Onda elə çıxır ki, bu partiya… Axı orada elə partiya var ki, heç 3 nəfər üzvü yoxdur. Bu partiya o məntəqələrin formalaşdırılmasında necə iştirak edəcək? Bir məsələni ortaya qoyanda özünü fikirləşmək, sonra başqası haqqında danışmaq lazımdır. Bu baxımdan hesab edirəm ki, MSK üzvlüyünə namizədlər verilən normaya, formata uyğun çox düzgün şəkildə seçiliblər.
Mən bir məsələyə də toxunmaq istəyirəm. Bəzən bu cür fikirlərə də rast gəlirik ki, MSK-nın filan üzvü partiyanın etimadını doğruldur və sairə. Hər hansı bir partiyanın üzvü Mərkəzi Seçki Komissiyasının üzvü seçildikdən sonra bitərəf olmalıdır. O hansısa partiyanın nümayəndəsi və ya ge-dib o partiyaya gündəlik hesabat verən adam olmamalıdır. O və eləcə də dairə və məntəqə üzvləri partiya fəaliyyətinə xi-tam verib artıq bitərəf kimi bu funksiyanı həyata keçirməlidirlər. Bu baxımdan mən hesab edirəm ki, Mərkəzi Seçki Komissiyasının gələcək üzvləri bizim partiya da daxil ol-maqla öz partiyalarının nizamnaməsinə, proqramına deyil, qanunun tələbinə uyğun fəaliyyət göstərərək bundan sonra da tam ədalətli, demokratik, şəffaf seçkilərin keçirilməsini təmin edəcəklər.
Həmkarlarımın o fikri ilə mən də razıyam ki, diplomatik pasportun verilməsi vacib şərtlərdən biridir. Lakin diplomatik pasportun olması statusla o qədər də bağlı deyil, sadəcə olaraq, xarici əlaqələrin inkişafına təsir göstərəcək bir amildir. 18 nəfərə diplomatik pasportun verilməsində elə bir çətinlik yoxdur. Mən hətta deyərdim ki, onların bəzi aparıcı şöbə müdirlərinə də diplomatik pasport vermək olar. Çünki aparat da çox yaxşı işləyir. Biz mütəmadi olaraq ünsiyyətdə oluruq. Seçki prosesində siyasi partiyalarla ünsiyyətdə olan MSK-nın rəhbərliyi, üzvləri və aparat işçiləri çox yaxşı işləyirlər. Hesab edirəm ki, müzakirələrə ehtiyac qalmır, səsə qoyaq və qəbul edək, Oqtay müəllim.
Sədrlik edən. Çox sağ olun. Mən də hesab edirəm ki, artıq ümumi fikir formalaşıb, yeni bir fikir yoxdur. Ona görə xahiş edirəm, Mərkəzi Seçki Komissiyasının üzvlərinin seçilməsi haqqında qərar layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.52 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 2
Səs vermədi 1
İştirak edir  105
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Gündəliyin növbəti məsələsi Azərbaycan Respublikası Gömrük Məcəlləsinin layihəsi haqqındadır. Birinci oxunuşdur. Biz bunu konseptual baxımdan qəbul etməliyik. Ziyad Səmədzadə buyursun, qanun layihəsini təqdim etsin.
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Həqiqətən, Azərbaycan dövlətinin formalaşmasında, inkişafında iqtisadi qanunvericiliyin çox mühüm rolu olmuşdur. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Milli Məclisə təqdim edilmiş Gömrük Məcəlləsi barədə qanun layihəsi müzakirə edilir. Şübhəsiz ki, Gömrük Məcəlləsinin qəbulu Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasında çox mühüm rol oynayacaqdır.
Bilirsiniz ki, ilk dəfə Azərbaycan Respublikasının Gömrük Məcəlləsi 1997-ci ildə qəbul edilmişdir. Azərbaycan 20 il bundan qabaq müstəqillik əldə etdikdən sonra yeni iqtisadi sistemin formalaşması istiqamətində cəsarətli addımlar atmışdır. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan iqtisadi inkişaf strategiyasının tərkib hissələrindən biri gömrük sisteminin formalaşması olmuşdur. Əgər sovet dövründə Azərbaycan Respublikasında vergi, maliyyə, bank sistemi ilə əlaqədar olaraq xeyli işlər görülmüşdüsə, respublika müəyyən səlahiyyətlərə malik idisə, gömrük sistemi sahəsində onun, demək olar ki, heç bir səlahiyyəti yox idi. Azərbaycanda yeni iqtisadi sistemin formalaşmasının mühüm amillərindən biri olan gömrük sistemi yenidən quruldu və bu, Azərbaycan Respublikasına dünyada bir müstəqil dövlət kimi fəaliyyət göstərməyə imkan verdi. Azərbaycanda yaradılan gömrük sistemi bu gün beynəlxalq standartlara cavab verir.
Təbii ki, keçilən yol asan olmamışdır. Təcrübə yox idi, qanunvericilik bazası yox idi, ölkə daxilində sabitlik yox idi. Bütün bu problemlərin uğurlu həlli gömrük sisteminin inkişafı üçün də əlverişli şərait yaratmışdır. Bu gün böyük razılıq hissi ilə qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikası beynəlxalq aləmdə gömrük standartlarını uğurla həyata keçirən, bu sahədə müvafiq qanunvericiliyi, güclü maddi-texniki bazası olan bir ölkə kimi tanınır. 140-dan artıq ölkə ilə əməkdaşlıq edirik. Bu əməkdaşlıq nəticəsində Azərbaycanın idxal-ixrac potensialı ildən-ilə artır, kommunikasiya strukturu təkmilləşir, Azərbaycan özünün iqtisadi təhlükəsizliyini təmin edir.
Gömrük sistemi, eyni zamanda, ölkənin maliyyə mənbələrinin formalaşmasının vacib amillərindən biri sayılır. Bizim büdcə gəlirlərinin formalaşmasında gömrük sisteminin rolu, demək olar ki, sabit qalır: 10–11 faiz. İldən-ilə ölkənin maliyyə sabitliyi yüksəldikcə, maliyyə imkanları genişləndikcə büdcənin formalaşmasında gömrük sisteminin də rolu artır. Gömrük sisteminin formalaşması ölkənin iqtisadi təhlükəsizliyi ilə yanaşı, milli təhlükəsizliyi üçün vacib şərtlərdən biridir. Bəzən deyirlər ki, gəlin büdcə daxilolmalarında gömrük sisteminin payını 5 faiz, 10 faiz artıraq. Amma hesablamalar göstərir ki, dünyanın bir çox ölkələrində büdcə gəlirlərinin formalaşmasında gömrük sisteminin rolu ildən-ilə çox az dəyişir.
Əsas diqqət ölkənin iqtisadi suverenliyinin, milli təhlükəsizliyinin qorunmasına, onun dünyada bir müstəqil dövlət kimi inkişaf edib möhkəmlənməsinə yönəldilir. Azərbaycanın keçmiş Gömrük Məcəlləsi də bu vəzifələrə xidmət etmişdir. Bu gün isə yeniləşən, qloballaşan dünyada beynəlxalq standartlara cavab verən Gömrük Məcəlləsi formalaşmalıdır ki, yeni qanun layihəsi də məhz bu baxımdan Milli Məclisə təqdim edilmişdir.
Bu gün Azərbaycana xarici investorların gəlməsi, beynəlxalq aləmdə Azərbaycanın əlverişli investisiya mühitinə ma-lik olan islahatçı bir ölkə kimi tanınması, şübhəsiz ki, gömrük sistemində də baş verən dəyişikliklərlə əlaqədardır. Azərbaycan iqtisadiyyatında keçid dövrünün başa çatması barədə cənab Prezidentin bəyanatı, eyni zamanda, gömrük sisteminə də aiddir.
Hörmətli millət vəkilləri, bir fikri də diqqətinizə çatdırmaq istəyirəm. Azərbaycan iqtisadiyyatının yeniləşməsi ilə əlaqədar olaraq bir çox məcəllələr bu yaxınlarda Milli Məclisin müzakirəsinə veriləcəkdir. Gömrük Məcəlləsi, Şəhərsalma Məcəlləsi, Tikinti Məcəlləsi, Rəqabət Məcəlləsi, Sığorta haqqında qanun layihəsi, Vergi Məcəlləsinə ediləcək dəyişikliklər bütövlükdə sistem halında Azərbaycan iqtisadiyyatının yeniləşməsinə imkan verəcək tədbirlərin həyata keçirilməsinə şərait yaradacaqdır. Ona görə icazə verin, qısaca olaraq Gömrük Məcəlləsinin əsas mahiyyəti, istiqamətləri barədə bəzi fikirlərimi sizə çatdırım.
Çox böyük məcəllədir, 356 maddədən, 60-a yaxın fəsildən ibarətdir. Bu, dünya standartlarına cavab verən bir məcəllədir, çünki Azərbaycan Ümumdünya Gömrük Təşkilatının üzvüdür. Azərbaycan iqtisadiyyatında, o cümlədən gömrük sistemində aparılan islahatlar imkan verir ki, Ümumdünya Ticarət Təşkilatının baş ofisi Bakıda yerləşsin. Bu özü Azərbaycanda aparılan islahatlara, Azərbaycan dövlətinin apardığı iqtisadi siyasətə müsbət münasibətin bir təzahürüdür. Məcəllənin qəbulu Azərbaycanın gömrük ərazisinə gətirilən və buradan aparılan mallara və nəqliyyat vasitələrinə tətbiq edilən ümumi qayda və prosedurları tənzimləməyə, həmçinin vəzifəli şəxslərin gömrük işi sahəsində hüquq və öhdəliklərini nizama salmağa imkan verəcəkdir.
Layihədə gömrük orqanlarının vəzifələri, beynəlxalq aləmlə əməkdaşlığı, hüquq mühafizə fəaliyyəti, elektron məlumat sistemi, qərarları və həmin qərarlardan maraqlı şəxslərə şikayət vermə hüququ, gömrük nəzarəti kimi məsələlər ayrı-ayrı maddələrdə təsbit olunur. Sənəddə gömrük orqanları vəzifəli şəxslərinin səlahiyyətləri açıqlanmış, ixrac və təkrar ixrac prosedurları, nəqliyyat vasitələrinin və şəxslərin gömrük ərazisinə daxil olması və yola düşməsi, malların gömrük statusu, tranzit məsələləri öz əksini tapmışdır.
5 bölmədən, 12 fəsildən ibarət olan ümumi hissədə məcəllədə istifadə olunan əsas anlayışların mahiyyəti, gömrük orqanlarının vahid sistemi, gömrük orqanlarının vəzifələri, hüquqları, onların digər dövlət orqanları ilə əməkdaşlığı əks olunur, gömrük orqanlarında xidmətə qəbul prosesində şəffaflığın artırılması ilə bağlı konkret müddəalar verilir. Məcəllədə gömrük orqanlarının elektron məlumat sistemi, bu orqanların qərarları və onlardan şikayət vermə, gömrük orqanlarının vəzifəli şəxslərinin hüquqi statusu, dövlət və sosial müdafiəsi, onların səlahiyyətləri əks olunur.
Qeyd etmək lazımdır ki, məcəlləyə “Gömrük təmsilçiliyi” adlı yeni maddə əlavə edilmişdir. Məcəllənin daha yeni bir maddəsi səlahiyyətli iqtisadi operatorlarla bağlı maddədir. Qeyd edək ki, səlahiyyətli iqtisadi operatorlar institutunun yaradılması malların çatdırılması zəncirinin təhlükəsizliyi ilə əlaqədar mühüm əhəmiyyətə malikdir.
Qanun layihəsində gömrük işində informasiya sistemləri və informasiya texnologiyalarının tətbiqi məsələlərinə dair maddələrin verilməsi də təqdirəlayiqdir. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, bu gün Azərbaycanın dövlət gömrük sistemində tətbiq olunan informasiya elektron sistemi dünya ölkələri arasında ən qabaqcıl sistemlərdən biri kimi qiymətləndirilmişdir. Bu yaxınlarda İqtisadi siyasət komitəsi üzvlərinin də iştirak etdiyi tədbirdə Azərbaycan gömrüyünün yeni informasiya sistemi istifadəyə verildi. Mərkəzdə otura-raq bu sistem vasitəsilə Azərbaycanın hər hansı bir gömrük ərazisində baş verən prosesləri izləmək mümkündür.
Azərbaycan gömrüyündə vahid pəncərə sisteminin tətbiqi malların keçirilmə sürətinin, dövriyyəsinin artırılmasına im-kan verir. Yeni məcəllə bu sahədə mövcud olan qanunları dünya standartlarına uyğun şəkildə əks etdirmişdir. Məcəllədə gömrük sisteminin səmərəli fəaliyyətini təmin etmək üçün maddi resurs potensialının yaradılması əsasları da öz əksini tapmışdır.
Bu gün respublikamızda sərhəddən malların keçirilməsi prosedurlarının sadələşdirilməsi, malların, yüklərin dövriyyə sürətinin artırılması üçün müasir maddi baza yaradılmışdır. Astara, Biləsuvar, Samur, Sınıqkörpü və digər gömrük məntəqələrində kompleks şəkildə yenidənqurma işləri apa-rılır. İş adamlarının fəaliyyətinin asanlaşdırılması məqsədi ilə gömrük anbarlarının tikintisinə xüsusi diqqət yetirilir. Astara rayonunda, Bakı şəhəri yaxınlığında, Qusar rayo-nunda mütərəqqi texniki vasitələrlə təmin olunmuş gömrük terminalları tikilib istifadəyə verilmişdir.
Məcəllənin xüsusi hissəsində gömrük nəzarətinin həyata keçirilməsi və təşkili, risklərin analizi və idarə olunması, gömrük rəsmiləşdirilməsi, malların gömrük ərazisinə gətirilməsi və aparılması, nəqliyyat vasitələrinin və şəxslərin gömrük ərazisinə daxil olması və yola düşməsi, gömrük rüsumları və digər tədbirlərin tətbiqini şərtləndirən amillər barədə də kifayət qədər materiallar verilmişdir. Gömrük işində risk dedikdə gömrük qaydalarının pozulması ehtimalı başa düşü-lür. Bu barədə “Risklərin analizi və idarə edilməsi” adlı fəsildə konkret məsələlər öz əksini tapmışdır. Bu gizli deyil ki, qloballaşan dünya iqtisadiyyatında heç bir dövlət Azərbaycana öz maraqlarından kənar təsir etmir. Yəni hər bir dövlətin Azərbaycanla bağlı marağı var. Müəyyən dairələr də hər bir müstəqil dövlətin iqtisadi təhlükəsizliyinə, milli təhlükəsizliyinə zərbə vurmağa çalışırlar. Biz bunların şahidiyik. Amma Azərbaycanın gömrük sistemində yaradılmış maddi-texniki baza bu proseslərin, bu xoşagəlməz, neqativ halların aşkar edilməsində öz rolunu oynayacaqdır.
İqtisadi siyasət komitəsi ilə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin birgə iclasında bu məsələlər müzakirə olunarkən ilk növbədə ölkənin milli maraqlarının qorunması, iqtisadi təhlükəsizliyinin təmin edilməsi və Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil olması ilə əlaqədar olaraq gömrük sisteminin vəzifələri barədə fikir mübadiləsi etdik. Heç şübhəsiz ki, Azərbaycan gec-tez Ümumdünya Ticarət Təşkilatına daxil olacaqdır. Dövlət Gömrük Komitəsi cənab Prezidentin müəyyən etdiyi tapşırıqlara əsasən bu barədə qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsinə artıq nail olmuşdur. Lakin bu o demək deyil ki, biz Ümumdünya Ticarət Təşkilatına bugün-sabah daxil olacağıq. Azərbaycanda milli iqtisadiyyatın formalaşması, milli iqtisadiyyatı təmsil edən özəl şirkətlərin yaradılması, ölkənin ixrac potensialının artırılması, daxili bazarının qorunması məsələləri, heç şübhəsiz ki, gömrük sistemi qarşısında da mühüm vəzifələr qoyur və bu vəzifələr də konkret maddələrdə öz əksini tapmışdır.
Mən hesab edirəm ki, biz milli iqtisadiyyatda daxili ba-zarı qorumaq və ölkənin ixrac potensialını artırmaq üçün tarif iqtisadi mexanizmindən və digər mexanizmlərdən səmərəli istifadə etməliyik. Dövlət Gömrük Komitəsinin bu istiqamətdə apardığı işlər bütövlükdə iqtisadi siyasətin tərkib hissəsi kimi qiymətləndirilməlidir.
Mən millət vəkillərindən xahiş edərdim ki, Azərbaycanın dünya iqtisadiyyatında tanınması, xarici investorlarla münasibətlərinin maksimum yaxşılaşdırılması, regionda rolunun daha da artması üçün yeni Gömrük Məcəlləsinin qəbuluna müsbət münasibət bildirsinlər.
Məlumat üçün sizə bildirmək istəyirəm ki, biz bu günlərdə gömrük orqanlarının nümayəndələri və hörmətli Əli müəllimin başçılıq etdiyi komitənin üzvləri ilə birlikdə bilavasitə gömrük məntəqələrində olacaq, informasiya texnologiyalarının tətbiqi ilə əlaqədar məsələlərə baxış keçirəcəyik. Çünki Məcəllədə xeyli maddələr bu kimi istiqamətlərlə bağlıdır.
Mən İqtisadi siyasət komitəsinin, eləcə də Hüquq siyasəti komitəsinin üzvlərinə bu komitələrdə məcəllənin müzakirəsi zamanı dəyərli fikirlər səsləndirdiklərinə görə təşəkkür edirəm. Hal-hazırda işçi qrupu yaradılmışdır və bu işçi qrupu qısa zaman kəsiyində konkret tədbirlər həyata keçirəcək, məcəllənin ikinci oxunuşda daha sanballı olması üçün təkliflərini verəcəkdir. Onu da qeyd edim ki, layihənin komitələrdə müzakirəsi zamanı məcəllənin dili, strukturu, maddələrinin, fəsillərinin çoxluğu barədə də fikirlər səslənmişdir. Bu fikirləri də imkan olsa, ikinci oxunuşda nəzərə alacağıq.
Sədrlik edən. Sağ olun, Ziyad müəllim. Müzakirələrə keçirik. Vahid Əhmədov.
V.Əhmədov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Azərbaycanın Gömrük Məcəlləsi ilk dəfə 14 il bundan qabaq qəbul edilib. Keçən müddət ərzində istər Azərbaycan və istərsə də dünya iqtisadiyyatında çox böyük dəyişikliklər baş verib. Azərbaycan Respublikasının iqtisadiyyatı inkişaf edir. Azərbaycan dövləti başçısının qeyd etdiyi kimi, artıq keçid dövrü bitib və ölkəmiz inkişaf dövrünə qədəm qoyub. Bütün bunlar Azərbaycanda yeni Gömrük Məcəlləsinin qəbul edilməsini məqsədəuyğun edir. Digər bir tərəfdən bilirsiniz ki, Azərbaycan Ümumdünya Ticarət Təşkilatına daxil olmağa hazırlaşır. Bununla əlaqədar, Azərbaycanın hökumət orqanları, xüsusilə Xarici İşlər Nazirliyi Ümumdünya Ticarət Təşkilatı ilə mütəmadi danışıqlar aparır. Bu danışıqlarda Azərbaycan qarşısında qoyulan tələblərdən biri də bir sıra qanunların və təbii ki, yeni Gömrük Məcəlləsinin qəbul edilməsidir.
Mən belə hesab edirəm ki, bu gün bizə təqdim olunan Gömrük Məcəlləsi beynəlxalq standartlara cavab verən bir məcəllədir. Mən ona səs verəcəyəm və həmkarlarımı da ona səs verməyə çağırıram.
Bununla bərabər, bu məcəllə ilə əlaqədar bir sıra təkliflərimi qeyd etmək istərdim. Hazırda qüvvədə olan məcəllə daha yığcamdır və konkret məsələləri əhatə edir. Amma bizə təqdim olunan məcəllə çox geniş məsələləri əhatə etsə də, orada bir sıra maddələrin birləşdirilməsinə ehtiyac var. Bir-inci oxunuş olduğu üçün biz bu barədə demək istəmirik. Amma yaxşı olardı ki, məcəllə ikinci oxunuşa çıxarılanda həmin maddələr birləşdirilsin. Bu barədə biz təkliflərimizi demişik.
Gömrük işinin təşkilində ən əsas məsələ operativlik məsələsidir. Mal gətirib gömrük nəzarəti məntəqəsindən keçirən insanlarla gömrük orqanları arasında müəyyən mübahisələr yarana və bu mübahisələrin həlli üçün şikayətlər verilə bilir. Belə şikayətlərin baxılma müddəti məcəllədə 30 gün göstərilib. Həmin müddətlə əlaqədar biz komitənin iclasında müəyyən təkliflər irəli sürdük. Biz hesab edirik ki, bu müddət çoxdur. Düzdür, gömrük məntəqələrində çox yerlərdə sax-lanclar, soyuducu kameralar mövcuddur, qısa müddətdə xa-rab ola bilən malları saxlamaq üçün imkanlar var. Bununla belə, mən hesab edirəm ki, 30 gün müddəti çoxdur və onun 10–15 günədək azaldılması daha məqsədəuyğun olardı. Xa-hiş edərdim ki, Gömrük Məcəlləsini işləyən şəxslər buna bir daha diqqət yetirsinlər.
Ən ciddi məsələlərdən biri də gömrük orqanlarında informasiya sisteminin qurulması və şəffaflığın təmin edilməsidir. Bu, Azərbaycan sahibkarlarını və demək olar ki, ümumiyyətlə, Azərbaycan əhalisini narahat edən məsələlərdən biridir. Düzdür, gömrük orqanlarında elektron bəyannamə sisteminin qurulması, informasiya texnologiyalarının son nailiyyətlərindən istifadə olunması barədə Ziyad müəllim burada məlumat verdi. Bu sahədə çox böyük işlər görülür. Lakin bunun daha da ciddi təşkil edilməsi üçün mən belə hesab edirəm ki, bu informasiya sisteminin qurulması daha çox müasir texnologiyalara uyğun həyata keçirilməlidir. Hətta gömrük məntəqələrində müəyyən siyahıların asılması, hansı məmulatların keçirilməsi üçün hansı faizlərin ödənilməsi və sair aşkar şəkildə göstərilməlidir. Bütün bunlar məcəllədə öz əksini tapmalıdır.
Digər bir məsələ vəzifəli şəxslərin səlahiyyətləri ilə əlaqədardır. Bu məsələ məcəllədə ayrıca bir fəsildə göstərilib. Vəzifəli şəxslərin səlahiyyətləri ilə əlaqədar mənim elə bir iradım yoxdur. Gömrük orqanlarında vəzifəli şəxslərə bu səlahiyyətlər verilməlidir. Amma burada bir məsələ var ki, gömrük orqanlarında gömrük nəzarətindən keçirilən mal ilə bağlı hər hansı bir şübhə yaranarsa, onlar həmin şirkətə daxil olur və şirkətdə yoxlamalar aparırlar. Həmin yoxlamaları onlar gömrük bəyannaməsində qeyd olunan malların gömrük nəzarəti altında olan mallar statusunun itirilməsindən sonra 3 il ərzində apara bilərlər. Mən belə hesab edirəm ki, 3 il həm gömrük orqanları, həm də o şirkətlərin rəhbərləri üçün, ora-da işləyən insanlar üçün çox böyük müddətdir. Mənə elə gəlir ki, gömrük orqanları bu müddətə baxsa idi, yaxşı olardı.
Gömrük orqanlarında ən ciddi məsələlərdən biri gömrük rüsumlarının təyin edilməsidir. Bilirsiniz ki, dünya iqtisadiyyatında ciddi problemlər yaşanır. Azərbaycanın da iqtisadiyyatında çox böyük dəyişikliklər var. Hazırda gömrük rüsumlarının çevik təyin olunması Azərbaycan hökuməti üçün çox vacibdir. Ona görə də məcəllədə bunu nəzərə almaq lazımdır ki, ehtiyac yarandıqda istənilən anda gömrük rüsumlarının dəyişdirilməsinə şərait yaradılsın. Yəqin ki, yadınızdadır, bu yaxınlarda Azərbaycanda taxılla əlaqədar problem yarananda gömrük orqanları hökumətlə bir yerdə çox çevik olaraq tarifləri dəyişdirdilər. İndi mən bunu bir taxıl misalında göstərirəm. Amma ümumi götürəndə gömrük rüsumlarının hökumət tərəfindən çevik dəyişdirilməsinin çox böyük əhəmiyyəti var. Digər tərəfdən də bilirsiniz ki, Ümumdünya Ticarət Təşkilatına daxil olanda ən ciddi məsələlərdən biri idxal rüsumlarının razılaşdırılmasıdır. Yəni biz istər-istəməz bu təşkilata daxil olanda idxal rüsumlarını, gömrük tariflərini onlarla razılaşdırmalıyıq. Düzdür, Milli Məclis tərəfindən “Gömrük tarifi haqqında” ayrıca qanun qəbul edilib. Amma gömrük rüsumlarının çevik təyin olunması üçün buna çox böyük ehtiyac var.
Ümumi götürəndə Gömrük Məcəlləsi çox yüksək səviyyədə hazırlanıb və Azərbaycan iqtisadiyyatının inkişafı üçün bu məcəllənin çox böyük əhəmiyyəti olacaq. Buna görə mən həmkarlarımı ona səs verməyə çağırıram. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Əli Məsimli.
Ə.Məsimli. Çox sağ olun, cənab Sədr. Azərbaycanın müstəqilliyinə real məzmun verilməsi, ölkənin iqtisadi sərhədlərinin formalaşması, daxili bazarın qorunması və iqtisa-di təhlükəsizliyin gücləndirilməsində milli pul və gömrük mühüm rol oynayır. Ona görə də gömrük Azərbaycan dövlətçiliyinin mühüm dayaqlarından biridir. Bu nöqteyi-nəzərdən dünyada gedən proseslər, problemlər, təhlükələr, risklər nəzərə alınmaqla yeni bir Gömrük Məcəlləsinin yaradılması günümüzün vacib tələbidir.
Qeyd eləmək lazımdır ki, məcəllə xarici ekspertlərin də iştirakı ilə kifayət qədər səriştəli hazırlanıb. Yeni Gömrük Məcəlləsində beynəlxalq standartlara cavab verən məqamlar, Avropa Birliyi ölkələrinin və bir sıra digər qabaqcıl ölkələrin gömrük məcəllələrinin özəyini təşkil edən müddəalar öz əksini tapıb. Bu nöqteyi-nəzərdən mən bu layihəni müsbət qiymətləndirirəm.
Eyni zamanda, belə bir məcəllənin qəbul edilməsi Azərbaycanın həm Ümumdünya Ticarət Təşkilatına daxil olması üçün götürdüyü öhdəliklər kontekstində, həm də yeni qonşuluq siyasəti çərçivəsində Azərbaycanın iştirakının sürətləndirilməsi kontekstində mühüm əhəmiyyət kəsb edir. Ona görə ki, biz 40-a yaxın qanuna əlavə və dəyişikliklər etmək, yeni qanunlar qəbul etmək öhdəliyi götürmüşük. Onların arasında Gömrük Məcəlləsi xüsusi yer tutur. Bu baxımdan da yeni məcəllənin qəbul edilməsi həm Ümumdünya Ticarət Təşkilatına daxil olmaq üçün, həm də bilavasitə qonşuluq siyasəti çərçivəsində götürdüyümüz öhdəlikləri yerinə yetirmək istiqamətində çox sanballı bir addımdır.
Bu Məcəllədə gömrük orqanlarının hüquq və vəzifələri, gömrük prosedurları, gömrük sərhədindən malların keçirilməsi, xarici ticarət dövriyyəsi, gömrük tarifləri, malların təsnifatı və gömrüklə bağlı digər zəruri məqamlar, eləcə də müasir informasiya-kommunikasiya texnologiyalarının gömrük işinə tətbiq edilməsinin hüquqi bazası beynəlxalq stan-dartlara cavab verən səviyyədə, çox geniş şəkildə işlənmişdir. İndi xarici iqtisadi fəaliyyətlə məşğul olan hüquqi və fi-ziki şəxs artıq gömrük orqanları ilə birbaşa təmasda olmadan ofisində və ya evində oturub özünün malları barəsində bəyannamə verə bilər. Eyni zamanda, bu informasiyalar Maliyyə Nazirliyinin, Vergilər Nazirliyinin, digər əlaqədar strukturların da müvafiq informasiya-kommunikasiya vasitələrində öz əksini tapacaq ki, bu da həmin strukturlarda neqativ halların qarşısının alınmasında mühüm rol oynayacaqdır.
Bununla belə, hesab edirəm ki, yeni məcəllədə bir sıra məqamların gücləndirilməsinə ehtiyac var. İlk növbədə qeyd eləmək istəyirəm ki, bir qayda olaraq, beynəlxalq ekspertlər belə layihələrdə iştirak edəndə beynəlxalq standartları bizim qanunlara çox gözəl formada tətbiq edirlər. Amma bu zaman bizim qanunların bəzi nüansları nəzərə alınmaya bilir. Məsələn, mən hesab edirəm ki, layihənin “Sərbəst zona” adlı 33-cü fəsli “Xüsusi iqtisadi zonalar haqqında” Qanunla, eləcə də Nazirlər Kabinetinin 2009-cu il 25 dekabr tarixli “Xüsusi iqtisadi zonaların sərhədlərində gömrük nəzarətinin, gömrük məntəqələrinin fəaliyyətinin, malların gömrük rəsmiləşdirilməsinin, nəqliyyat vasitələrinin və fiziki şəxslərin sərhəddən buraxılması rejiminin sadələşdirilmiş qaydaları” ilə uzlaşdırılmalıdır. Çünki məcəllədə əks olunan sərbəst zona ilə xüsusi iqtisadi zonanın fərqi var və bu məqam mütləq nəzərə alınmalıdır.
Qeyd eləmək istədiyim bir məsələ də 153-cü maddə ilə bağlıdır. Əgər biz müasir texnika və texnologiyanı tətbiq ediriksə, deməli, neqativ halları aradan qaldırmalıyıq, mətndə də buna imkan verməməliyik. Amma “Gömrük ərazisindən müvəqqəti olaraq kənara çıxarılan mallar” adlı 153-cü maddədə görün nə deyilir: “Bu məcəllənin və göm-rük işinə dair digər qanunvericilik aktlarının tələblərinə riayət olunmaqla müvafiq icra hakimiyyəti orqanı daxili malların onlara gömrük proseduru tətbiq edilmədən və həmin malların gömrük statusu dəyişmədən gömrük ərazisi hüdudları daxilində bir məntəqədən digərinə hərəkət etməsi və həmin ərazidən müvəqqəti olaraq kənara çıxarılması şərtlərini müəyyənləşdirən tədbirlər həyata keçirir”.
Eyni şey “Malların sərbəst zonadan kənara çıxarılması” adlı 200-cü maddədə də var. Bir tərəfdən oxuduğum həmin mətn açıq formada göstərir ki, burada subyektiv amillərə yer verilib. İkincisi də, əgər nəzərə alsaq ki, dünyada müvəqqətidən daimi heç nə yoxdur, onda bu məsələyə yenidən baxılmasına ehtiyac var. Əgər təhlükədən danışılırsa, Azərbaycanın dövlətçilik dəyərlərindən söhbət gedirsə, hesab edirəm ki, bu məsələyə diqqət yetirilməlidir.
Bayaq qeyd elədiyim kimi, beynəlxalq təşkilatların nümayəndələri Azərbaycan qanunvericiliyini işləyəndə milli qanunvericiliyin bir sıra məqamlarını nəzərə almırlar. Ona görə də hesab edirəm ki, bu məcəllənin bizim bir sıra digər qanunvericilik sənədlərimizlə uzlaşdırılması istiqamətində addımların atılmasına ehtiyac var. Əgər biz işləri sürətləndirmək üçün qabaqcıl texnika və texnologiyadan istifadə ediriksə, onda gömrükdə yaranan problemlər üzrə verilən şikayətlərə 30 gün müddətində yox, 2 həftə və hətta 1 həftə müddətində baxılması və problemin mürəkkəbliyi kontekstində ona liberal yanaşılması ümumi işin xeyrinə olar.
Layihə kifayət qədər yaxşı hazırlanıb. Yeni Gömrük Məcəlləsi gömrük işinin səmərəliyinin yüksəldilməsi, Azərbaycanın iqtisadi təhlükəsizliyinin möhkəmləndirilməsi, ölkəmizin bir sıra beynəlxalq təşkilatlara, o cümlədən Ümumdünya Ticarət Təşkilatına daxil olmasının sürətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb eləyir. Mən bu layihənin qəbul edilməsini məqbul hesab edir və millət vəkillərini ona səs verməyə çağırıram. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Hörmətli millət vəkilləri, bu, qanun layihəsinin birinci oxunuşudur. Birinci oxunuşda layihənin daha çox ümumi konsepsiyasına qiymət verilir. Yəni maddələrə keçməyək. Maddələr üzrə qeydlərimizi ikinci oxunuşda eləyərik. Bir az konseptual yanaşın. Xahiş edirəm, mümkün qədər konkret olaq. Aydın Abbasov.
A.Abbasov. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri və iclas iştirakçıları! İlk dəfə 1997-ci ildə qəbul edilən və hazırda qüvvədə olan Gömrük Məcəlləsinin qəbulundan sonra ölkədə bu sahədə xeyli iş görülmüşdür. Gömrük Məcəlləsi Azərbaycanın xarici iqtisadi əlaqələrinin davamlı inkişafında, dünya iqtisadiyyatına inteqrasiyasında böyük rol oynamışdır. Qısa zamanda ölkəmiz digər dövlətlərin əksəriyyəti ilə iqtisadi əməkdaşlıq əlaqələri quraraq bərabər tərəfdaş kimi iri layihələrdə iştirak edir və Dünya Gömrük Təşkilatının fəal üzvlərindən biridir.
Bildiyiniz kimi, 2007-ci ildə “Gömrük xidmətinin təkmilləşdirilməsi ilə bağlı” İnkişaf Proqramı qəbul olunub. Ölkəmiz gömrük sahəsində bir neçə konvensiyaya qoşulub. Bu gün artıq tam əminliklə təsdiq etmək olar ki, ölkənin iqtisadi təhlükəsizliyini qoruyan formalaşmış gömrük sistemimiz var.
Bununla belə, Azərbaycanın dünyada artan nüfuzu, ölkəmizin özünün iqtisadi maraqlarını qorumaq imkanlarının genişlənməsi, cərəyan edən proseslərin inkişafı və ölkəmizin Dünya Ticarət Təşkilatına üzv qəbul olunması ilə bağlı bir sıra qanunların, o cümlədən Azərbaycan–Avropa İttifaqı arasında fəaliyyət proqramına uyğun gömrük qanunvericiliyinin təkmilləşməsinin vacibliyi Gömrük Məcəlləsinin yenilənməsi zərurətini yaradıbdır. Xatırlatmaq istərdim ki, 2013-cü ilədək qanunvericiliyimiz, xüsusilə də iqtisadi qanunvericilik Avropa standartlarına uyğunlaşdırılmalıdır.
Məhz bu nöqteyi-nəzərdən qeyd etmək lazımdır ki, yeni Gömrük Məcəlləsinin layihəsi beynəlxalq tələblərə uyğun hazırlanmışdır və Avropa İttifaqının standartlarına cavab verir. Məcəllənin hazırlanması prosesində müxtəlif ölkələrin tanınmış mütəxəssisləri iştirak edib və qabaqcıl dünya təcrübəsindən istifadə olunub.
Məlum olduğu kimi, Gömrük Məcəlləsinin əsas məqsədilə Azərbaycan Respublikasında gömrük işinin hüquqi, iqtisadi və təşkilati əsaslarını, o cümlədən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən, bu ərazidən aparılan, tranzit keçirilən mallara və nəqliyyat vasitələrinə tətbiq edilən ümumi qaydaları və prosedurları müəyyən etmək və eləcə də şəxslərin gömrük işi sahəsində hüquq və öhdəliklərini nizama salmaqdır.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Məlum olduğu kimi, bu gün diqqətimizə təqdim olunan yeni məcəllə qeyd olunan bütün məqamları müəyyən edərək Azərbaycan Respublikasının iqtisadi təhlükəsizliyinin, suverenliyinin və maraqlarının qorunmasına, Azərbaycan iqtisadiyyatının dünya təsərrüfatı ilə əlaqələrinin genişlənməsinə, gömrük işi sahəsində təsərrüfat subyektlərinin, fiziki şəxslərin və dövlət orqanlarının hüquqlarının müdafiəsinin təmin olunmasına, onların öz vəzifələrini yerinə yetirməsinə yönəlmişdir.
Gömrük Məcəlləsinin yeni layihəsində gömrük qiymətinin təkmilləşdirilməsi, Azərbaycana sərmayəçi etimadının artırılması, ölkələrlə ticarət əlaqələrinin gücləndirilməsi istiqamətində vacib addımlar atılıb. Yeni qanun layihəsində istehsalçıların maraqları və istehsal olunan məhsulların rəqabət qabiliyyətinin artırılması nəzərə alınmaqla gömrük rüsumlarının dərəcələrinin çevik tənzimlənməsi davam etdirilməlidir. Malların idxalı zamanı gömrük siyasətinin ən vacib istiqamətlərindən biri olan xam və investisiya yönlü mallara daha əlverişli şəraitin yaradılması, idxal mallarının milli istehsalçılara mənfi təsirinin azaldılması, beynəlxalq ticarət dövriyyəsində olan malların gömrük nəzarəti məntəqəsində mürəkkəb olmayan daha sadə qaydaların tətbiq edilməsi məsələləri ön plana çəkilməlidir.
Sənədə görə bir sıra hallarda malların gömrük ərazisinə gətirilməsi və aparılması qadağan edilə və ya məhdudlaşdırıla bilər. Bu zaman milli təhlükəsizlik, xalqın bədii, tarixi və arxeoloji sərvətlərinin, həmçinin ictimai asayişin, insanların sağlamlığının qorunması kimi amillər nəzərə alınır. Bu gün gömrük sahəsində tətbiq edilən bir pəncərə prinsipi, vahid avtomatlaşdırılmış idarəetmə sistemi, gömrük nəzarəti və gömrük rəsmiləşdirməsində istifadə olunan digər yeni texnologiyalar müasir standartlara, bu günün tələblərinə cavab verir.
Qeyd etmək lazımdır ki, layihədə Dövlət Gömrük Komitəsinin idxal-ixrac əməliyyatlarında müasir tarif və qeyri-tarif tənzimlənməsi tədbirlərinin daha geniş tətbiq olunması, qadağan olunmuş malların ötürülməsi ilə bağlı risklərə nəzarətin gücləndirilməsi ilə əlaqədar dövlət büdcəsinə resursların əlavə edilməsində rolu artırılıbdır. Bütün bunlar isə Azərbaycan Respublikasının Dünya Ticarət Təşkilatına üzv olma prosesinin sürətləndirilməsinə, gömrük sistemində avtomatlaşdırılmış idarəetmənin tam tətbiq edilməsinə, gömrük nəzarətinin həyata keçirilməsinə, səmərəliyinin artırılmasına əlverişli şərait yaradacaqdır.
Yeni məcəllə gömrük qanunvericiliyinin və xidmətinin tam şəffaflığına xidmət edərək gömrük sistemində yaranan bir çox suala cavab verməklə bilavasitə dövlətin və cəmiyyətin bu sahədə maraqlarının qorunmasına yönəlmişdir. Yeni qanunun qəbul edilməsi bu sahədə olan boşluqları aradan qaldıracaqdır. Əlbəttə ki, biz ikinci oxunuşda qanunla bağlı daha dərin məqamlara əsaslanaraq fikirlərimizi bildirəcəyik. Yəqin ki, bütün millət vəkilləri bu qanun layihəsinə səs verəcəklər. Sağ olun.
Sədrlik edən. Sağ olun. Fərəc Quliyev.
F.Quliyev. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Gömrük Məcəlləsi ölkənin gömrük siyasətinin təməllərindən olsa da, gömrük siyasətini tam əhatə eləmir. Təbii ki, gömrük siyasəti təkcə ölkə qapılarından malları buraxmaq qaydasından ibarət deyil. Gömrük siyasəti ölkədə dövlət – bazar-mülki cəmiyyət prinsiplərində tarazlayıcı davranışlardandır. Milli Məclis həm xarici ticarətin dövlət tənzimlənməsinə dair qanunvericilikdə, həm də Gömrük Məcəlləsində elə uzlaşma aparmalıdır ki, ölkəmizdə istehsal olunan malların ölkənin tələbatına uyğun olduğu halda bu adlı məhsulların xaricdən ölkəyə gətirilməsi məhdudlaşdırılsın. Bu məhdudlaşdırma avtonom tariflərin tətbiqi ilə mümkündür. Bu davranışa ona görə zərurət yaranıb ki, ekspertlərin hesablamalarına görə, yaxın illərdə dünyada ərzaq məhsullarının qıtlaşacağı və xeyli bahalaşacağı gözlənilir.
Bu ilin 5 ayı ərzində dünya bazarında kənd təsərrüfatı məhsullarının əsas növlərinin qiymətləri düşübdür. Bu məlumat BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının İqtisadi Əməkdaşlıq və İnkişafı Təşkilatı ilə birgə hazırladığı “2010–2019-cu illər üzrə kənd təsərrüfatı proqnozu” hesabatında yer alıb. Amma hesabata görə, ərzaq səbətinin orta dəyəri 2002–2004-cü illərlə müqayisədə 69 faiz qalxıbdır. Ucuzlaşmada əsas rolu buğda və şəkərin qiymətlərinin aşağı düşməsi oynayıb. Şəkərin qiymətinin düşməsinin səbəbi onun istehsalının artımı olubdur. Azərbaycanda isə son iki ayda daxili bazarda ərzağın qiyməti 6 faiz bahalaşıbdır. Məsələn, şəkər 9 faiz bahalaşıbdır. Bahalaşmada səbəblərdən biri də inhisarçılıqla yanaşı, Nazirlər Kabineti ilə Gömrük Komitəsinin ahəngdar davranmamasıdır. Nazirlər Kabinetinin məhsulların idxal rüsumlarının hesablanması ilə əlaqədar gömrük orqanlarına verdiyi qiymətlər 2009-cu ilin qiymətləri ilə eynidir. Məhz bu qiymətlər əsasında da Azərbaycana məhsullar idxal edilir.
İki il öncəyə uyğun tətbiq edilən qiymət rüsumları daxili bazarda məhsulun ucuzlaşmasına imkan vermir. Burada bir neçə səbəb, o cümlədən inhisarçılıq səbəbi var. Dünya bazarında ucuz qiymətə alınan məhsul ölkədə bir neçə dəfə baha qiymətə satılır. Bu bahalaşmanı avtonom tariflərin tətbiqi ilə reallaşdırırlar. Bu yanaşma yanlış olaraq ölkəmizdə istehsal olunmayan məhsullara tətbiq olunur. Amma bu proses əksinə, yəni ölkəmizdə istehsal oluna bilən, amma kənardan gətirilən ərzaq məhsullarına tətbiq olunmalıdır. Bu kateqoriya məhsulların çərçivəsi müəyyən olunmalı və mal sahibi, gömrük brokerləri bu çərçivə ilə tanış olmalıdırlar. Bu çərçivə müəyyənləşəndən sonra isə riskin idarə olunması proseduru tətbiq oluna bilər. Monitorinqlərlə riskə məruz qalma məhdudlaşdırılar. Beləliklə, həm ölkədə istehlakçı yerli və ucuz mal alar, həm istehsalçıya stimul verilmiş olar, həm istehsal sahələri, yeni iş yerləri açılar, həm də kənd təsərrüfatı inkişaf eləyər. Bununla da xarici ölkələrə valyuta axını azalar.
Bu siyasət əyalətlərin inkişafı və əyalətlərə qayıdış baxımından da çox vacibdir. Hörmətli millət vəkilləri, qəbul edəcəyimiz qanunun fəlsəfəsində bu tendensiya öz əksini taparsa, eyni zamanda, bir neçə sahədə ölkəmizə xeyir verə bilərik. Ümid edirəm ki, bu tendensiyanı hörmətli millət vəkilləri nəzərə alacaqlar və qəbul olunacaq bu sənəd ölkədə daxili bazarı tənzimləməyə böyük töhfə verəcəkdir.
Oqtay müəllim, mən vəziyyətdən istifadə edib bir məsələyə toxunmaq istəyirəm. Bizim çıxışlarımız “Parlament saatı”nda verilmir və hesab edirəm ki, bu, ikili standartla yanaşmadır. Söhbət seçicilərlə əlaqədən getmir, biz onsuz da onlarla görüşürük. Sadəcə olaraq, “Parlament saatı”nda seçicilər özlərinin seçdikləri deputatların hansı məsələlərə toxunduğunu görməlidirlər. İstəyirəm ki, Sizin bizim seçicilərimizdən təcrid edilmə məsələsi ilə bağlı məlumatınız olsun və bu haqda bir ölçü götürəsiniz. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Rafael Cəbrayılov.
R.Cəbrayılov. Çox sağ olun, cənab Sədr, təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Bu yeni məcəllənin Azərbaycan iqtisadiyyatında oynayacağı rol və onun qəbul edilməsini zəruri edən hallar üzərində dayanmaq istəmirəm, çünki bu, hörmətli Ziyad müəllimin təqdimatında çox geniş şərh olundu.
Bu məcəllə hər iki komitənin birgə iclasında geniş müzakirə edilib. Bu layihə bu gün qüvvədə olan Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin çox böyük hüquqi təkmilləşməyə məruz qalmış bir variantıdır və çox sərt hüquqi tələblərə cavab verə bilən bir formada ortaya qoyulub. Məcəllə, fikrimcə, qüvvədə olan indiki məcəlləyə nisbətən gömrük fəaliyyəti sahəsində münasibətləri daha şəffaf, daha qüsursuz tənzimləyəcək. Ümumiyyətlə, müasir tələblərə cavab verən bir məcəllə formasında ortaya qoyulub. Gömrük elektron informasiya sisteminin yaradılması, ümumiyyətlə, gömrük təmsilçiliyi məqamının qanunvericiliyə gətirilməsinin özü bu məcəlləni xarakterizə edən hallar sırasındadır. Konseptual baxımdan mən bu məcəllənin qəbul olunmasına səs verəcəyəm və hörmətli həmkarlarımı da buna dəvət edirəm.
Amma mən hörmətli işçi qrupunun diqqətini başqa bir məsələyə cəlb etmək istəyirəm. Bugünkü gündəlikdə 4-cü məsələ “Aviasiya haqqında” Qanuna əlavələr edilməsi ilə bağlı qanun layihəsidir. Cənab Prezidentdən daxil olan bu layihədə hava və su limanlarında, avtovağzallarda, ümumiyyətlə, sərhəd buraxılış məntəqələrində respublikadan aparılmasına və gətirilməsinə məhdudiyyətlər və qadağalar, xüsusi lisenziyalar tələb olunan malların siyahısının sərnişinlər tərəfindən açıq görünən yerlərdə asılması qaydası müəyyən olunub. Bundan başqa, sadaladığım bu malların sərnişinlərdən götürülməsi ilə əlaqədar müvafiq protokollaşma işinin aparılması və normativ hüquqi aktlara istinad etməklə protokollaşdırma vəzifəsi müəyyən olunub. Bu da gömrük orqanlarının vəzifəli şəxslərinin üzərinə qoyulur. Bu, bu gün müzakirəyə təqdim olunan məcəllədə yoxdur. Mən işçi qrupundan xahiş edirəm ki, növbəti qanun layihəsi ikinci oxunuşa çıxarılanda bu məqama fikir verilsin və gömrük orqanlarının vəzifəli şəxslərinin vəzifələri sırasında bu məsələlər göstərilsin. Kifayət qədər ciddi məsələdir. Bu, təkcə gömrük orqanları ilə vətəndaşlar arasındakı münasibətlərdə bir şəffaflıq yaradılmasına deyil, eyni zamanda, qüsurlu cəhətlərin, mən deyərdim ki, korrupsiyanın aradan qaldırılmasına təkan verə biləcək bir layihədir. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Aydın Mirzəzadə.
A.Mirzəzadə. Təşəkkür edirəm, Oqtay müəllim. Azərbaycan Respublikasının Gömrük Məcəlləsi 1997-ci ildə qəbul edilib. Ötən 14 il ərzində biz onun mətninə 11 dəfə müvafiq dəyişikliklər etmişik. Demək olar ki, hər il Gömrük Məcəlləsi parlament tərəfindən bu və ya digər dəyişikliyə məruz qalıb. Bu da tamamilə aydın olan məsələdir. Azərbaycan iqtisadiyyatı, qeyri-neft sektoru inkişaf etdikcə, yeni texnologiyalar gəldikcə, əlbəttə ki, Gömrük Məcəlləsinin də təkmilləşməsinə ehtiyac var. Şübhəsiz ki, bu il də həmin yolla gedib məcəlləni yenidən təkmilləşdirmək mümkün olardı, ancaq situasiya kökündən dəyişib.
Azərbaycan Respublikasının Prezidenti hörmətli cənab İlham Əliyevin bildirdiyi kimi, Azərbaycanda keçid dövrü başa çatıb. Gömrük Məcəlləsinin əvvəlki mətni və tələblərini biz keçid dövrünün gömrük siyasəti kimi qəbul edə bilərik. Yeni dövrün, oturuşmuş dövlətin artıq formalaşmış iqtisadiyyatı üçün yeni Gömrük Məcəlləsinə, yeni gömrük siyasətinə böyük bir ehtiyac vardır. Bizə təqdim edilən Gömrük Məcəlləsinin layihəsi bu tələblərə cavab verir. Birinci, Azərbaycan, sadəcə olaraq, öz iqtisadiyyatını yenidən qurmur. Qeyri-neft sektorunun sürətlə inkişafı, neft və digər təbii ehtiyatlardan səmərəli istifadə, Avropanın enerji təhlükəsizliyinin qorunmasında Azərbaycanın rolu məsələsində bir çox normativ aktların, o cümlədən Gömrük Məcəlləsinin də böyük rolu var.
Gömrük sistemi, sadəcə olaraq, Azərbaycan büdcəsini doldurma vasitələrindən biri deyil. Bu, Azərbaycanın iqtisadi müstəqilliyini qoruyur, Dövlət Sərhəd Xidməti ilə yanaşı, o, Azərbaycanın dövlət suverenliyini də qoruyan orqanlardan biridir. Ötən illər göstərir ki, Azərbaycanın gömrük sistemi bu vəzifələrin öhdəsindən kifayət qədər uğurla gəlir.
Hamıya məlumdur ki, Azərbaycanın gömrük sistemində kadrlar yox dərəcəsində idi. Ona görə ki, sovet dövründə azərbaycanlılar gömrük sistemində işləməyə nə dəvət edilirdilər, nə də ora yaxın buraxılırdılar. Boş bir yerdən tamamilə yeni bir sistem yaratmaq lazım gəldi. Yeni bir gömrük qanunvericiliyi toplusu yaratmaq lazım idi. Onların bir qismi əgər təcrübədən irəli gəlirdisə, bir qismi, şübhəsiz ki, qabaqcıl Avropa dövlətlərinin təcrübəsindən irəli gəlirdi. Bu gün biz deyə bilərik ki, Azərbaycanda gömrük sistemi müasir tələblərə cavab verir.
Keçmiş postsovet məkanında ilk dəfə olaraq Azərbaycanda gömrük sistemində elektron məlumat bazası yaradıldı. Bu gün vizual və mexaniki yoxlamadan daha çox məhz elektron və xüsusi texnika vasitəsilə daxil olan malların və nəqliyyatın həm həcmini, həm də keyfiyyətini yoxlamaq, eyni zamanda, qanunla qadağan olunan fəaliyyətin baş verməməsi üçün qabaqlayıcı tədbirlər görmək mümkün olur.
Digər tərəfdən, hesab edirəm ki, bu məcəllə Azərbaycanın Dünya Ticarət Təşkilatına daxil olması prosesində irəliyə doğru atılmış çox real bir addımdır. Bu təşkilata üzv qəbul olaraq biz 40-a qədər yeni normativ hüquqi aktlar qəbul etməliyik və bunların içərisində Gömrük Məcəlləsi də xüsusi yer tutur. Bu məcəllənin qəbulu, eyni zamanda, Azərbaycanın iştirakçısı olduğu yeni qonşuluq çərçivəsində görülən işlərə də tamamilə uyğun gəlir. Gömrük Məcəlləsinin quruluşu və ayrı-ayrı maddələri barəsində müəyyən fikirlərim var. İndi birinci oxunuş olduğuna görə həmin fikirləri ikinci oxunuşda səsləndirəcəyəm. Ümumiyyətlə, mən məcəllənin tələblərə cavab verdiyini və onun qəbul edilməsini mümkün hesab edirəm. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Təkid edən yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. İki nəfər təkid edirsiniz?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yox, soruşuram, təkid edirsinizsə, buyurun. Elmira Axundova.
E.Axundova. Çox sağ olun, cənab Sədr. İlk öncə qeyd etmək istəyirəm ki, ölkənin gömrük sisteminin səmərəli fəaliyyəti hər bir dövlətin iqtisadi və siyasi gücündən xəbər verir. Bu baxımdan müstəqil Azərbaycan Respublikası yarandıqdan sonra gömrük sisteminin yenidən və əsaslı şəkildə qurulması, inkişafı, səmərəli fəaliyyəti istiqamətində hökumətimiz tərəfindən görülən işlər çox yüksək qiymətləndirilməlidir. Gömrük Məcəlləsi gömrük işinin hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edir və eləcə də şəxslərin gömrük işi sahəsində hüquq və öhdəliklərini nizama salır.
Dövlətimizin müasir inkişaf səviyyəsi, digər dövlətlərlə ikitərəfli və çoxtərəfli münasibətləri yeni, müasir və daha geniş məcəllənin qəbulunu zəruri edir. Bu baxımdan müzakirəyə təqdim olunan Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin ciddi, hərtərəfli analiz və müzakirəsi biz millət vəkillərindən tələb olunan bir məsələdir.
Yeni məcəllə gömrük orqanlarının hüquqlarını, vəzifələrini, vəzifəli şəxslərin vəzifələri və sair bu kimi mühüm məsələləri tənzim edən geniş müddəaları özündə cəmləşdirib. Qüvvədə olan və layihəsi təqdim olunan variantları müqayisə edərək mən Aydın Mirzəzadə ilə tam razıyam, demək olar ki, bu layihənin hər bir maddəsi əsaslı şəkildə təzədən işlənilib və Prezidentin dövlətin iqtisadi həyatının bütün sahələrində tələb etdiyi şəffaflıq, bürokratiyanın aradan qaldırılması prinsiplərinə, sahibkarların öz fəaliyyətlərini inkişaf etdirmələri üçün münbit şəraitin yaradılması, yersiz müdaxilə və süni maneələrin aradan qaldırılması siyasətinə daha da uyğunlaşdırılmışdır.
Məsələn, layihənin VII fəslində biz görürük ki, gömrük orqanı ilə digər dövlət orqanları, səlahiyyətli iqtisadi operatorlar, biznes subyektləri öz aralarında məlumat mübadiləsi aparırlar. Eyni zamanda, gömrük orqanının qanunvericilik və inzibati aktlarını, ərizə formalarını, malların xarici ticarətinə aid digər sənədləri şəxslərə təqdim etməklə şəffaflığı da təmin etmələri nəzərdə tutulmuşdur. Həmçinin gömrük orqanının üzərinə öhdəlik qoyulur ki, məxfi sayılan məlumatların məxfiliyini tam şəkildə təmin etsin. Bu müddəaların hamısı müsbət dəyərləndirilməlidir.
Mən ikicə dəqiqə vaxtınızı almaq, bəzi fikirlərimi sizinlə bölüşmək istəyirəm. Bu da, əsasən, maddələrə yox, anlayışlara aiddir. Burada anlayışlar çox geniş şəkildə verilir və daha çox anlayışlara aydınlıq gətirilmişdir. Özü də müsbət haldır ki, bu anlayışlar layihənin I fəslinin 1-ci maddəsində verilir. Halbuki qüvvədə olan məcəllədə anlayışlar 17-ci maddədə qeyd olunmuşdu. Lakin mənə elə gəlir ki, bir çox anlayışlar bura daxil edilməyib. Məsələn, “gömrük tənzimlənməsi”, “gömrük işi”, “gömrük ərazisi”, “gömrük sərhədi” – mənə elə gəlir ki, bu ifadələr özləri də anlayışlardır. Bunları da konkretləşdirib 1-ci maddədə vermək olardı.
Həm də çox maraqlı bir məsələdir ki, həm köhnədə, həm də təklif olunan yeni məcəllədə hər yerdə “gömrük orqanları” anlayışından istifadə olunur. Hesab edirəm ki, bu, düzgün seçim deyil. Ən azı ona görə ki, gömrük orqanı bir dənədir. Onun özünün isə yeni məcəllənin 7-ci maddəsində göstərildiyi kimi sistemi var.
II fəsil “Gömrük orqanlarının hüquq mühafizə fəaliyyəti” adlanır. Axı, 6-cı maddədə konkret göstərilir ki, gömrük orqanı elə hüquq mühafizə orqanıdır. Belə olan halda II fəslin adı mütləq dəyişdirilməlidir, çünki cinayətkarlıqla mübarizə gömrük orqanlarının funksiyalarından biridir, yeganə deyil. Təkrar edirəm ki, gömrük özü bütövlüklə hüquq mühafizə orqanıdır.
Fürsətdən istifadə edib, bir məsələni də nəzərinizə çatdırmaq istərdim. Mən dəfələrlə dövlət qulluqçularının sosial vəziyyətinin yaxşılaşdırılması təklifi ilə çıxış etmişəm. O cümlədən gömrük işçiləri də bu qrupa daxildirlər. Ölkə sərhədlərinin qorunmasından tutmuş, dövlət büdcəsinin doldurulmasına qədər bir çox sahələrdə ölkəsinə xidmət edən bu cəsur insanların da digər hüquq mühafizə orqanları kimi, məsələn, prokurorluq, məhkəmə orqanı əməkdaşları kimi yüksək əmək haqqı ilə təmin olunmasını istərdim. Azərbaycan gömrükçülərinin vəzifə maaşlarını inteqrasiya etdiyimiz Avropa məkanındakı həmkarlarının vəzifə maaşları ilə heç cür müqayisə etmək olmaz. Vəzifə maaşlarını artırmaqla gömrük orqanı sistemində az da olsa, qalan bəzi neqativ halların aradan qaldırılmasına nail ola bilərik. Diqqətinizə görə çox sağ olun.

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Sağ olun. Valeh Ələsgərov, buyurun.
V.Ələsgərov. Vaxtınızı çox almayacağam, ancaq bir-iki məsələyə mütləq toxunmalıyam. Birinci növbədə, mənim fikrimcə, Gömrük Məcəlləsində xüsusi qeyd olunmalıdır ki, bu günə kimi qəbul edilmiş qanunlar çərçivəsində xüsusi iqtisadi zonalar və ixrac məqsədli neft-qaz əməliyyatları üçün qəbul edilmiş imtiyazlar, güzəştlər tanınır və təsdiq olunur. Qeyd oluna bilər ki, gələcəkdə hər hansı bir güzəşt, imtiyaz ancaq Gömrük Məcəlləsinə əlavə və dəyişikliklər formasında qəbul edilə bilər. Bu, mütləq olunmalıdır, çünki biz qanunlar qəbul etmişik, onlar tətbiq olunur. Gələcəkdə də, ola bilsin ki, vaxtilə Vergi Məcəlləsində etdiyimiz kimi qəbul edə bildik.
İkinci, konseptual cəhətdən çox önəmli olan məsələlərə toxunmaq üçün gərək anlayışlarda dəqiqlik olsun. Əfsuslar olsun ki, burada verilən bəzi anlayışlarda nə dəqiqlik, nə müəyyənlik, nə də bu gün qüvvədə olan Azərbaycan Respublikasının qanunlarında qəbul edilmiş anlayışlarla uyğunluq var. Ən əsasını göstərim. 1.0.36-cı maddədə yazılıb ki, qarşısı-alınmaz qüvvə və ya fors-major – qarşısının alınması mümkün olmayan təbii fəlakət, yaxud ictimai-siyasi hadisə və sair. Əgər bu təbii fəlakət, ya da ictimai-siyasi hadisə bu məcəllənin subyektlərinin fəaliyyətini ləngitməyibsə, ləğv etməyibsə, zərər gətirməyibsə, bundan başqa hadisələr də ola bilər, göstərilməlidir. Burada göstərilən təbii fəlakət, yaxud ictimai-siyasi hadisə onların ancaq bir hissəsidir. Hər hansı bir orqanın hərəkətləri, hərəkətsizliyi və digər bu kimi cürbəcür hadisələr ola bilər. Gömrük Məcəlləsinin subyektlərinin fəaliyyətinə, ya da öhdəliklərinin yerinə yetirilməsinə mane olan və ya dayandıra bilən hadisələr daha geniş şəkildə göstərilməlidir. Bunlar var və onları ancaq bu gün qüvvədə olan aktlardan köçürmək lazımdır.
Bununla bərabər, çox xahiş edərdim ki, anlayışlarda bir az dəqiq olaq, sözlərin etimologiyasına diqqət yetirək. “Avtonom tariflər” nə deməkdir? Yazılır ki, dövlətlər tərəfindən birtərəfli qaydada təyin edilən dərəcələr. Dövlət özü özündən avtonom ola bilər? Əgər burada yazılsa idi ki, dövlət tərəfindən birtərəfli qaydada təyin edilən tariflərdən fərqli olan və qanunvericiliklə icazə verilmiş hallarda gömrük orqanının müəyyən etdiyi tariflər – onda bu başqa məsələ. Bu, avtonom tarifdir. Naxçıvan Muxtar Respublikası bəzi aktları, bəzi qanunları qəbul edə, tarifləri də müəyyən edə bilər. Avtonom, muxtar respublika olduğuna görə, dövlətin, qanunların verdiyi icazə, ya da imkan çərçivəsində bunu edə bilər. Avtonom ona deyilir. Çünki bu sözün etimologiyası belədir: “autos-nomos”, yəni özüm özümə qanun yazıram. Siz özünüz özünüzə hələlik qanun yaza bilməzsiniz, çünki dövlət yazır. Ona görə də avtonom tariflər, ya da “konvension tariflər” və sair ola bilməz.
Misal üçün, “broker” sözünü misal götürək. Maddə 21-də “gömrük təmsilçisi”, anlayışlarda “gömrük brokeri” yazırıq. “Broker” sözünü tərcümə etsəniz, təmsilçi, vasitəçi, ya da loru dildə desək, dəllaldır. “Broker” sözünü bura niyə salırıq? Ya da “deklarant” sözünü götürək. Hər yerdə bəyannamə, bəyannaməçi yazırsınız və birdən “deklarant” sözü üzə çıxır. Niyə bu sənədi, dilimizi lazım olmayan sözlərlə çirkləndiririk? Xahiş edirəm, bu məsələlərə diqqət yetirin. Əgər ehtiyac varsa, kiminlə desəniz, görüşməyə, danışmağa, izah etməyə hazıram. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Jalə xanım, təkid edirsiniz?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun.
J.Əliyeva. Təbii ki, biz bu gün bu qanun layihəsini konseptual baxımdan müzakirə edirik. Çox mükəmməl hazırlanmış bu sənəd bundan sonra Azərbaycan Respublikasında gömrük işinin hüquqi, iqtisadi və təşkilati əsaslarını, o cümlədən Azərbaycan Respublikasına gətirilən, aparılan, tranzit yolla keçirilən mallara və nəqliyyat vasitələrinə tətbiq edilən ümumi qaydaları və prosedurları müəyyən edəcək, eləcə də vətəndaşların gömrük işi sahəsində hüquq və öhdəliklərini nizama salacaqdır.
Gəlin qəbul edək ki, 22 bölmə, 64 fəsil, 358 maddədən ibarət olan bu layihə, eyni zamanda, strateji bir əhəmiyyət, xarakter daşıyır. Təbii ki, mən də bu layihənin lehinə səs verəcəyəm və deputat həmkarlarımı da bu sənədə səs verməyə çağırıram.
Bir az əvvəl dediyimiz kimi, bu gün layihə konseptual baxımdan müzakirə edilir və sonrakı müzakirələrdə biz, təbii ki, hər bir maddə haqqında öz fikrimizi söyləyəcəyik. Lakin ikinci oxunuşa qədər “əsas anlayışlar”da düzəlişə ehtiyacı olan bəzi məsələlərə fikirlərimi bildirmək istəyirəm. Hörmətli Valeh müəllimin də fikirlərinə binayən, mən də Azərbaycan dilinin leksik, qrammatik qaydalarına uyğun gəlməyən bəzi terminlər və cümlələrlə bağlı qeydlərimi bildirmək istəyirəm. “Əsas müddəalar” fəslinin 1.0.2-ci maddəsində “Azərbaycan şəxsləri” ifadəsi verilib. Daha sonra qeyd olunur ki, “Azərbaycan şəxsləri” kimlərdir. “Azərbaycan şəxsləri” deyilən bir ifadə varmı? Bu günə qədər Azərbaycan dilində belə bir ifadə eşitmisinizmi? Ümumiyyətlə, “Azərbaycan şəxsi” nə deməkdir? Mən xahiş edərdim ki, növbəti oxunuşlarda bu ifadəyə bir daha baxılsın.
1.0.5-ci maddədə yazılır: “Azərbaycan Respublikasında tamamilə istehsal olunmuş...” Elə buradaca dayanıram. “Tamamilə istehsal olunmuş” ifadəsi də dilimizə uyğunlaşmır. Yəni nə demək istədikləri aydındır, amma “tam istehsal olunmuş” ifadəsi, yəqin ki, daha uyğun olardı. Sonra davam edir: “...Kifayət qədər emala məruzqalma meyarlarına uyğun olaraq...” Azərbaycan dilinin saflığı uğrunda mübarizə aparırıqsa, ulu öndərin bununla əlaqədar çox əhəmiyyətli sərəncamları, proqramları var idisə, gəlin hörmət edək, özümüz öz dilimizi ağırlaşdırmayaq və qanun yazarkən də daha optimal ifadələrdən istifadə edək. Fikirlərim çoxdur, yəqin ki, sonra bunları qeyd edəcəyik.
Valeh müəllim, yenə Sizin 1.0.36-cı maddə ilə əlaqədar fikrinizə şərik çıxıram. Bu, “qarşısıalınmaz qüvvə və ya fors-major” ifadəsi ilə bağlıdır. Bununla əlaqədar mənim bir başqa qeydim var. “Qarşısıalınmaz qüvvə”, bilirsiniz, bu bir az, tövbə, əstəğfürullah, ilahidən gəlmə bir təsir bağışlayır. Yəni bu, qanunun dilinə uyğun gəlmir. Qarşısıalınmaz qüvvə kimi əgər burada təbii fəlakətləri, daşqını, zəlzələni, yer sürüşməsini nəzərdə tuturuqsa, onu elə də qeyd eləməliyik. Təbii fəlakətlər və ya fors-major deyirik. Fors-major da özündə ictimai hadisəni, hərbi əməliyyatları ehtiva edir. Ona görə də düşünürəm ki, bu “qarşısıalınmaz qüvvə” kimi bir romantik ifadənin burada verilməsinə heç bir ehtiyac yoxdur.
Çıxışımın sonunda bir məsələyə də diqqət çəkmək istəyirəm. Cənab Prezident dəfələrlə çıxışlarında qeyd edir ki, bu gün Azərbaycanda insan amili öz plana çəkilir. Təbii ki, Azərbaycanda bu gün cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən bütün layihələr, imzalanan bütün sərəncamlar birinci növbədə insanlarımızın rifah halının yüksəldilməsinə və insanlarımıza, vətəndaşlarımıza daha problemsiz, daha rahat bir həyat təmin edilməsinə yönəlibdir. Fikrimə istinadən deyim ki, bir müddətdir korrupsiya ilə mübarizə sahəsində yeni bir dalğa başlayıb. Yenə cənab Prezidentin birbaşa rəhbərliyi ilə başlanan bu tədbirlər, təbii ki, çox təqdiredicidir. Bunun da arxasında vətəndaşlara qarşı süründürməçiliyin, mənasız maneələrin, süni əngəllərin aradan qaldırılması tədbirləri dayanır. Bu baxımdan yanaşanda yeni Gömrük Məcəlləsinin qəbul edilməsi yerinə düşmüş bir addımdır.
Birbaşa bu qanunla əlaqəsi olmasa da, bir məsələni qeyd etmək istəyirəm. Bu korrupsiya ilə mübarizə ilə əlaqədar toplantıdan sonra bəzi gömrük buraxılış məntəqələrində baş verən bir-iki süründürməçilik halına diqqətinizi çəkmək istəyirəm. İrandan quru yolu ilə sərhədi keçən vətəndaşlarımıza bəzi problemlər yaradılır. Konkret olaraq Biləsuvar gömrük buraxılış məntəqəsində vətəndaşın həkimin resepti ilə gətirdiyi cəmi iki flakon dərman bir həftədən artıqdır ki, müsadirə edilib, saxlanılıb və onun ölkəyə buraxılmasına icazə verilmir. Vətəndaşın özünün şəxsən orada iştirak etməsinə və dərmanı özü üçün gətirməsinə baxmayaraq, ona belə bir əngəl yaradılır. Mən düşünürəm ki, həqiqətən, hər bir şeyin vətəndaş, Azərbaycan insanı üçün olduğu bir ölkədə, Azərbaycan insanının hüquqlarının ən ali şəkildə qorunduğu bir yerdə hər hansı bir buraxılış məntəqəsindəki məmur özbaşınalığı bu işlərə kölgə salır. Düşünürəm ki, bunun qarşısını almaq üçün də bu məcəllənin xüsusi rolu olacaqdır. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Hörmətli deputatlar, hamınıza təşəkkür edirəm. Bu, əlbəttə, birinci oxunuşdur. Hörmətli həmkarlarım, hesab edirəm ki, ikinci oxunuşa qədər dediyiniz qeydlər, təkliflər komitəyə təqdim oluna bilər.
Əlbəttə ki, birinci oxunuşun əsas məqsədi qanun layihəsinin konsepsiyasını qəbul etməkdir. Yəni bizim dövlətimizin gömrük siyasətinin əsas istiqamətləri Konstitusiyamıza uyğun gəlir, ya gəlmir? Əlbəttə, gəlir. Bizim birinci oxunuşda qarşıya qoyduğumuz məqsəd bundan ibarətdir. Hesab edirəm ki, bu məqsədi siz də bəyəndiniz. Məcəllə kifayət qədər də müzakirə edildi. Ona görə xahiş edirəm, qanun layihəsinə birinci oxunuşda münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 13.59 dəq.)
Lehinə 107
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir  108
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. Saat 4-ə qədər fasilə.


(FASİLƏDƏN SONRA)

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. İclasımızı davam etdiririk. Növbəti məsələ İnzibati Xətalar Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi barədə qanun layihəsidir. Buyurun, Əli Hüseynli.
Ə. Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.
Çox sağ olun, hörmətli cənab Sədr. Cənab Prezident tərəfindən İnzibati Xətalar Məcəlləsinə təklif olunan əlavələr və dəyişikliklər avtomobil nəqliyyatı sahəsində mövcud olan bir sıra pozuntuların inzibati xəta növü kimi ehtiva olunmasına və bununla bağlı sanksiyaların müəyyənləşdirilməsinə həsr edilmişdir. Bildiyiniz kimi, İnzibati Xətalar Məcəlləsinin XII fəsli bu məsələlərə həsr olunmuşdur. Təklif olunur ki, bir sıra yeni maddələr əlavə olunsun. Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydalarının pozulmasına – “Taksi” tanınma nişanları, taksometr və ya sərnişin və baqaj daşınması qaydaları ilə müəyyən edilmiş digər məlumat göstəriciləri olmadan taksi minik avtomobili ilə sərnişin daşımalarının həyata keçirilməsinə görə, avtomobil nəqliyyatı və yük daşınması qaydalarında nəzərdə tutulmuş daşınma şərtlərinin pozulmasına və pasport olmadan avtovağzal fəaliyyəti ilə məşğul olma və pasportla müəyyən edilmiş müvafiq kateqoriyaya uyğun texnoloji prosesi pozmaya görə məsuliyyət növləri nəzərdə tutulmuşdur. Bu inzibati xətaların mahiyyətinə uyğun olaraq cərimə sanksiyaları təxminən 50 manat məbləğinə qədərdir. Amma 150.5-ci maddəyə, yəni pasportu olmadan avtovağzal fəaliyyəti ilə məşğul olmağa görə məsuliyyət daha yüksəkdir – 1500 manat məbləğindədir.
Eyni zamanda, bilirsiniz ki, İnzibati Xətalar Məcəlləsinin 163-cü maddəsi “Avtomobil yollarında və təhkim zolağında yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulması”dır. Bir çox müddəalar və sanksiyalar var. Qeyd edim ki, sanksiyalar da kifayət qədər ciddidir. Amma iki yeni maddə, dispozisiyalar təklif olunur. Birincisi, iri qabaritli və ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yükün oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulmasına, ikincisi, iri qabaritli və ağırçəkili nəqliyyat vasitələrinin ümumi istifadədə olan avtomobil yolları və yaşayış məntəqələrinin küçələri ilə xüsusi icazə olmadan və xüsusi icazənin tələbləri pozulmaqla, müəyyən edilmiş hallarda müşayiət və ya mühafizə avtomobili olmadan hərəkət etməsinə görə məsuliyyət nəzərdə tutulur. Amma qeyd edim ki, qanunvericilikdə nəzərdə tutulub. Bunlar, sadəcə, dispozisiyalardır. Onları oxumaq istərdim. Fiziki şəxslərin 30 manatdan 50 manatadək, vəzifəli şəxslərin 150 manatdan 200 manatadək, hüquqi şəxslərin 1500 manatdan 2000 manatadək cərimə olunması təklif olunur. Amma bu artıq qanunvericilikdə var.
Qeyd etmək istərdim ki, bu məsələ komitələrin birgə iclasında müzakirə olunanda millət vəkilləri tərəfindən dəstəkləndi, bunun zəruriliyi vurğulandı. Eyni zamanda, hörmətli millət vəkili Cavid müəllim tərəfindən komitəyə məhz bu layihə ilə bağlı yox, 163-cü maddənin bütövlükdə sanksiyasının artırılması ilə bağlı təklif daxil oldu. Bu təklif qanunvericilik təşəbbüsü subyektinin diqqətinə çatdırılmışdır. Yəni gələcəkdə belə bir qərar qəbul olunarsa, sizin müzakirənizə təklif olunacaqdır. Bütövlükdə isə hesab edirəm ki, bu maddələrdə öz əksini tapmış xətalar mövcuddur, onların qarşısının alınması məqsədi ilə bu cür inzibati sanksiyalar təklif olunur. Burada nəzərdə tutulan sanksiya həmin xətalara kifayət qədər adekvatdır. Millət vəkillərindən layihəyə səs vermələrini xahiş edirəm. Çox sağ olun.
Sədrlik edən. Ziyad müəllim, Sizin əlavəniz yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Fazil Mustafa, buyurun.
F.Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də bu layihə ilə bağlı bir sıra narahatlıqlarımı dilə gətirmək istəyirəm. İstərdim ki, bir sıra məsələlərdə də dəyişikliklər edilsin. Bildiyiniz kimi, qanun real ictimai münasibətləri tənzimləyir və reallıqda olmayan nəqliyyat sahələrinin də burada yer almasını ortadan qaldırmaq lazım idi. Məsələn, 150.1-ci maddədə “trolleybusda, tramvayda, şəhər və şəhərətrafı avtobuslarda sərnişinlərin biletsiz aparılmasına görə” məsuliyyət nəzərdə tutulub. Mən bilən, artıq tramvay bir sinif kimi ləğv olunub. Özü də haqsız bir formada. Bakının bəlkə də ən sərfəli nəqliyyat vasitələrindən biri idi. Trolleybus da Bakıda mənim rastıma çıxmayıb. Başqa yerlərdə qalıb-qalmayıb, bilmirəm. Amma bütövlükdə olmayan münasibətlərin burada qeyd olunması, məncə, doğru deyil.
İkinci, burada Hesablama Palatası ilə bağlı bir müddəa – sədrin müvafiq təqdimatlarının icrası ilə bağlı müvafiq qurumların təşkilat və müəssisənin xəzinə və bank hesabları üzrə əməliyyatlarının dayandırılması barədə təqdimatlara münasibət məsələsi var. Məncə, bu cür cərimə ilə məsələnin həlli doğru deyil. Hesablama Palatasının rolunu bir az qaldırmaq lazımdır, birbaşa cinayət məsuliyyəti tələb eləyən haldır. Hesablama Palatası təqdimat verir ki, qanun pozuntusu, nöqsanlar var. Bu nöqsanları bu formada yubatmaq və bir həftəyə müəyyən məsələləri həll edib yerinə qoymaq məsələnin həlli deyil. Əslində, bu, Hesablama Palatasının işini daha da çətinləşdirir. Ona görə bu müddəada da ciddi dəyişikliklər edilməsi lazımdır.
Bir də, mən istəyirəm, qanunun vətəndaşlara yönəli tərəfinə diqqət eləyək. Təbii ki, haqlı dəyişikliklərdir. “Taksi” tanıma nişanı olmadan, taksometr olmadan taksilərdən istifa-də olunması, həqiqətən, böyük problemdir. Azərbaycanda, elə bil ki, bütün sahələrdə qanunun ötəsində bir sövdələşmə var. Taksiyə oturanda psixoloji bir gərginlik keçirirsən ki, neçəyə razılaşacağıq? Başqa sahələrdə də belədir. Bunlar insanın əhvali-ruhiyyəsinə mənfi təsir eləyən amillərdir. Ona görə də insan bilməlidir ki, taksometr var. Hansı məsafəni qət elədinsə, taksi şoferi ilə sövdələşmədən, dil-ağız olma-dan bunu həyata keçirirsən. Amma onların da vəziyyətini anlamaq lazımdır. Bizim Bakı şəhərində normal bir taksi dayanacağı yoxdur. Taksilərin həmkarlar birliyi yoxdur. Cinayətkarların taksiləri soyması, sürücülərə xəsarət yetirməsi ilə bağlı onlarca fakt var. Bunun qarşısını ala biləcək mexanizmlərdən xarici ölkələrdə istifadə olunur, amma bizdə istifadə olunmur. Bunu da düşünmək lazımdır ki, şərait yaradandan sonra qanunun sərtləşməsi vacibdir. Şərait olmadan, müəyyən addımlar atılmadan, baza yaradılmadan bu işin həyata keçirilməsi nəticəsində ciddi narahatlıqlar ortalığa çıxacaqdır.
Bir də, mən ifadələrdə bəzi dəyişikliklər etməyi təklif edirəm. Burada qeyd olunur ki, “beynəlxalq marşrutlar üzrə hərəkət eləyən avtobuslar”. “Beynəlxalq marşrutlar üzrə avtobusda sərnişinlər” yazılsa, daha doğru olar, çünki “hərəkət edən” ifadəsi, məncə, artıqdır, qanunun dilini kifayət qədər ağırlaşdırır.
Bir də, iri qabaritli maşınlarla bağlı məsələyə toxunmaq istəyirəm. Çox hörmətli Əli müəllim qeyd elədi, təbii ki, bu məsələ tənzimlənməlidir. Təzə yollar salınır, körpülər, müəyyən işlər görülür. Bunların ayrı-ayrı qabaritli, yükü artıq olan maşınlar tərəfindən sıradan çıxarılması xoşagələn hal deyil. Amma bunun ortadan qaldırılma mexanizmi korrupsiyanın inkişafına şərait yaradacaq. Məsələn, iri qabaritli, yaxud da çəkidən artıq yükdaşıyan avtomobili yolun ortasında saxlayan polis işçisi, ya kimsə necə müəyyən edəcək, çəki nə qədər artıqdır? Bəlkə çəki elə lazımi miqdardadır. 3–4 saat o adam vaxtını itirməlidir? Haradansa tərəzi tapmalıdırlar, yoxlamalıdırlar ki, bu artıqdır, ya azdır? Bunların hamısı korrupsiyaya yol açan amillərdir. Sürücülərin də vəziyyətini düşünmək lazımdır.
İndi bizdə müəyyən məsələlərin tənzimlənməsində çətinliklər var. Məsələn, şəhərə iritutumlu avtobuslar gətirildi. Bu yaxşı haldır, amma yolların dar olması müəyyən mənada tıxacların yaranmasına şərait yaradır. Digər tərəfdən, tez-tez deyirik ki, yollarda tıxaclar var. Amma indiyə qədər Bakı şəhərində – başqa böyük şəhərlərdə olduğu kimi 5–6 mərtəbəli dayanacaqlar tikilmədi. İndi gərək infrastrukturu yaradasan ki, sonra sürücülərə qarşı bu cür maksimal tələblər irəli sürə biləsən. Ona görə də bu cür məsələlərdə vətəndaşı, sürücünün marağını düşünərək addım atmaq lazımdır. Məncə, qanunun bu qədər sərtləşdirilməsi problemin həllinə çox da kömək etməyəcəkdir. Burada bəlkə məbləğ bizim üçün az görünə bilər. Yəni onlar yolları sıradan çıxarır, bunun əvəzində o nə məbləğdir ki deyə bilərik. Amma hər bir vətəndaşın bir manatı rüşvət formasında gedirsə, bu, onun böyük itkisidir. Ona görə təklif edərdim ki, bu cür məsələlərdə insanların marağını təmin etmədən, lazımi infrastruktur yaratmadan müəyyən addımların atılmasına tələsməyək. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Elmira Axundova.
E. Axundova. Çox sağ olun, hörmətli Sədr. İnzibati Xətalar Məcəlləsinə təklif olunan bəzi dəyişiklikləri diqqətinizə çatdırmaq istərdim. Belə ki, 150-2.1.1-ci maddədə avtobusların müəyyən edilmiş hərəkət cədvəlinə və hərəkət sxeminə riayət etməməsinə, 150-2.1.3-cü maddədə müəyyən edilmiş tarifdən daha yüksək gediş haqqının tətbiq edilməsinə, 150-2.1.4-cü maddədə marşrutlarda siqaret çəkilməsinə, yerli-yersiz audio cihazlardan istifadə edilməsinə görə cərimələrin nəzərdə tutulması, məncə, müsbət hallardır. Özü də bu neqativ halların əksəriyyəti sürücülər tərəfindən yaradılır. Sürücülər bəzən sərnişinlərin xahişlərinə məhəl qoymadan yol boyu siqaret çəkir, yüksək səslə meyxanaya, ya da mahnılara qulaq asırlar. İrad bildirəndə də kobud şəkildə cavab verirlər ki, avtobus mənimdir, ürəyim nə istəyirsə, onu da edəcəyəm.
Ümumiyyətlə, hazırda şəhərdaxili və şəhərlərarası marşrutlarda işləyən sürücülərin mədəniyyət səviyyəsi çox aşağıdır. Mən hələ onların adi yol hərəkəti qaydalarını kobud surətdə pozmaqlarından, şəhərin küçələrində bir-biri ilə yarışa çıxmaqlarından, harada gəldi dayanmaqlarından danışmıram. Mən bu dəyişiklikləri bir tərəfdən alqışlayır, digər tərəfdən, müvafiq qurumlardan xahiş edirəm ki, bu müddəalar şəffaflıq və bərabərlik şəraitində tətbiq olunsun, çünki hazırda bu dəyişikliklər sürücülər tərəfindən fəal şəkildə müzakirə olunur və heç də birmənalı qarşılanmır. Sürücülər bildirirlər ki, bir çox avtobus marşrutları varlı insanlara, ixtiyar sahiblərinə, güc strukturlarına məxsusdur. Ona görə də bu marşrutda işləyən sürücülər həmin müddəalara etinasız yanaşa bilərlər. Təzə maddələrin bütün ağırlığı isə adi, gücü, dayağı olmayan sürücülərin üzərinə düşəcək. Mən də bu vəziyyəti analiz edərək sürücülərin narahatçılığını başa düşürəm. Ona görə də nəinki müvafiq qurumlar, hətta sərnişinlər də bu müddəalara əməl edilməsinə çox ciddi, prinsipial yanaşmalıdırlar.
Bu dəyişikliklərlə əlaqədar iki xahişim olacaq. Əvvəla, bütün bu cərimələr haqqında avtobuslarda qısaca lövhələr vurulmalıdır ki, sərnişinlər öz hüquqlarını bilsinlər. Həm də lövhələrdə telefon nömrəsi göstərilməlidir ki, sərnişinlər bunlardan istifadə edə və aşkar edilən qanun pozuntuları barədə müvafiq dövlət orqanlarına xəbər verə bilsinlər. Bu çox vacib amildir. Digər tərəfdən, təklif edərdim ki, bütün bu dəyişikliklər barədə insanlara AzTV-də geniş izahat verilsin. Özü də bu barədə bir neçə veriliş getsin, çünki parlament müxbirlərinin yazdıqlarını ən yaxşı halda on min adam oxuya bilər. AzTV vasitəsilə isə bundan milyonlarla adam xəbərdar olacaq.
Bu da işin yarısıdır. Mən Fazil Mustafa ilə tamamilə razıyam ki, tək cərimələrlə vəziyyəti düzəldə bilməyəcəyik. Burada başqa faktor ortaya çıxmalıdır. Bu da sürücülərin həm professionallıq, həm də ümumi mədəniyyət səviyyəsinin qaldırılması məsələsidir. Sovetlər dönəmində sürücü əgər avtobus marşrutlarında çalışmaq istəyirdisə, 10 il sürücü işləməliydi, sonra, II kateqoriya almaq üçün imtahan verməliydi, 6 ay təcrübə toplamalıydı. Özü də hər gün marşruta çıxmazdan əvvəl səhər-səhər onların həm fiziki, həm də psixi vəziyyətini yoxlayırdılar. Bundan savayı, onlar müxtəlif peşə kurslarına göndərilirdilər, onlara diplomlar verilirdi və sair. İndi isə bu işlər özbaşına buraxılıb, ona görə təcrübəsiz insanlar avtobus sükanı arxasına əyləşə bilirlər. Nəticədə isə qəza hadisələri, çoxsaylı insan tələfatı və sair baş verir. Hesab edirəm ki, Nəqliyyat Nazirliyinin nəzdində ictimai nəqliyyat vasitələrinə nəzarət eləyən idarə öz işini təzədən qurmalıdır. İctimai nəqliyyatda hökm sürən pərakəndəliyə son qoyulmalıdır. Tərbiyə işləri, sürücülərin professionallıq səviyyəsi ilə də məşğul olmalıdırlar. Bütün bu deyilənlərə riayət edilməsə, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklər kağız üzərində qalacaq.
Bir sualım da var, xahiş edirəm ki, Əli müəllim aydınlıq gətirsin. 150.5-ci maddədə avtovağzal fəaliyyəti ilə məşğul olmaq üçün pasport tələb olunur. Söhbət hansı pasportdan gedir? Ümumi vətəndaşlıq pasportundan, yoxsa Nəqliyyat Nazirliyindən verilən xüsusi lisenziyaya oxşar sənəddən? Söhbət ondan gedir ki, hazırda işsiz əhalinin əksər hissəsi taksi sürücüsü kimi fəaliyyət göstərir. Həmçinin kiçik həcmli nəqliyyat vasitələri şəhərdaxili və şəhərlərarası sərnişin daşımalarından çıxarıldıqdan sonra, onların sürücülərinin böyük əksəriyyəti yük daşımaları ilə məşğul olmaqla ailələrini saxlayırlar. Bu şəxslərlə bağlı tələblərin sərtləşdirilməsi, qaimə, pasport kimi təzə sənədlərin ortaya çıxması problemi nə dərəcədə həll edəcək? Hesab etmirsiniz ki, işsizlik problemi cəmiyyətdə daha qabarıq şəkildə özünü göstərəcək və bu sənədlərin tələb olunması adi sürücülərlə dövlət məmurları arasında yeni problemlərin ortaya çıxmasına səbəb olacaq? Öz şəxsi həyətyanı sahəsində yetişdirilən və bazarlara məhdud həcmdə gətirilən məhsula, məsələn yağ, pendir, meyvə-tərəvəz və sairəyə görə kəndli 150-3.2-ci maddədə göstərildiyi kimi, əmtəə-nəqliyyat qaiməsini haradan və kimdən almalıdır? Hesab edirəm ki, bütün bu suallar narahatlıq doğurur və biz bu cür maddələri qəbul edərkən mütləq əhalinin də maraqlarını nəzərə almalıyıq. Bir daha xahiş edirəm, qeyd etdiyim məsələlərə diqqətlə yanaşılsın və bunlara aydınlıq gətirilsin. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Çox sağ olun, cənab Sədr. Mən də həmkarlarımın narahatlığını bölüşürəm. Hesab edirəm ki, bu qanun müzakirədən çıxarılmalıdır. Mən bu təşəbbüslə çıxış eləyən qurumların narahatlığını da bölüşürəm, başa düşürəm, amma istəyirəm ki, biz yarana biləcək sui-istifadə halları barədə də düşünək. Məsələn, 150-2.1-ci maddədə yazılır ki, baqajın kütləsinə dair müəyyən olunmuş tələblərə riayət olunmamasına görə. Zaqataladan bir avtobus Bakıya gəlir, sərnişinlər baqajlarını verirlər. Bizim avtobuslar saxlanan yerlərdə infrastruktur qurulmayıb ki, sərnişinin baqajı çəkilsin.
Sonra nə baş verəcək? Yolda Dövlət Yol Polisinin, yaxud Nəqliyyat Nazirliyinin bir müfəttişi avtobusu saxlayıb deyəcək ki, sən yük vermisən, indi baqajı boşaldıram, bunu çəkirik. Sürücü də sərnişinlərə deyəcək ki, gəlin, adama 1 manatdan yığıb verək, tez buraxsın, çıxaq gedək. Mən səmimi şəkildə sizə deyirəm ki, günün istisində, qışın soyuğunda bizdə imkanlar yoxdur ki, onu yollarda saxlayaq, baqajı çəkək. İkincisi, sürücü niyə ona görə məsuliyyət daşımalıdır? O, avtovağzaldan oturub maşınını sürür. O, yol hərəkəti qaydalarının pozulmasına görə məsuliyyət daşımalıdır. Deməyim ondan ibarətdir ki, ölkədə korrupsiyaya qarşı mübarizənin gücləndirildiyi bir dövrdə biz əlavə imkanlar yaradırıq ki, istənilən nəqliyyat vasitəsini saxlasınlar və onları incitsinlər.
Burada Fazil Mustafa söylədi, bizim bütün magistral yollarda iri yük maşınlarını saxlayıb onları çəkmək üçün nə isə quraşdırılmayıb axı. Yoxdur axı belə bir şey. İndi artıq yükü olanı da saxlayacaq, olmayanı da. Necə müəyyənləşdirəcəklər ki, bu, 8 ton yük vurub, yoxsa 10 ton. Ona görə nə qədər ki hələ Avropa yollarındakı kimi, bu məsələ həll olunmayıb, bu, doğru olmaz. Avropanın özündə hələ bu indi-indi yaradılır. Bütün yolların qırağında bu avtomobillərin çəkilməsi üçün xüsusi tərəzilər quraşdırılır. Onların əyləc sistemi, təkərlərin vəziyyəti yoxlanılır. Avropada bu indi yaradılır. Tam səmimi şəkildə deyirəm ki, biz bunu indidən qanunvericiliyə daxil etməklə neqativ hallara yol açmış oluruq.
Özü də bir çox hallarda niyə, məsələn, sürücü artıq yük yığır, öz həyatı ilə risk edir? Bir “Kamaz” sürücüsü normadan artıq yük vuranda bilir ki, doğrudan da, öz həyatı və başqasının həyatı ilə risk edir. Ona görə ki, yüklü avtomobilin tormoz yolu var. Yəni o bilir ki, hansı məsafədə yüklü maşını saxlaya bilər. Artıq yük altında təkər yerindən çıxıb gedə bilər və sair və ilaxir. Amma o bunu edir. Ona görə ki, Qubadan bura 1 maşın çınqıl gətirirsə, özünə çatacaq və üstəlik yollarda müəyyən qurumların nümayəndələrinə veriləcək pulu hesablayır. Yükü artıq edir ki, bir az çox alsın və həmin xərcləri ödəsin. Onun üçün əminəm ki, biz o neqativ halları, yollarda sürücülərin üzərinə əlavə xərclər qoyulmasını aradan qaldırsaq, sürücü heç vaxt öz həyatı ilə risk etməyəcək, maşınına artıq yük vurmayacaq. O həm də bilir ki, artıq yük avtomobili tez sıradan çıxarır və onun amortizasiya xərcləri o biri xərclərdən üstün olur. Mən təklif edirəm, burada çox normal, müasir dövrə, tələblərə uyğun gələn normalar var, bunların hamısı qalsın, amma 150-2.1.8-ci və bir də 163.0.13-cü maddələr buradan çıxarılmalıdır.
Burada siqaret çəkmə ilə bağlı deyildi. Mən hesab edirəm, biz İnzibati hüquqpozmalar haqqında Məcəllə ilə bir norma daxil etməliyik, siqaret çəkilməsi qadağan olunmuş yerlərdə siqaret çəkməyə görə cərimə müəyyənləşdirməliyik. İndi avtomobili sürə-sürə də siqaret çəkmək olmaz, təyyarədə də, avtobusda da olmaz. Qanunlara ayrı-ayrı normalar daxil eləmək, hesab edirəm, düzgün deyil. Bir norma daxil etməklə bu problemi həll edə bilərik.
Oqtay müəllim, bir daha təkrar edirəm, bu norma ancaq neqativ, sui-istifadə hallarına yol açacaq. Ona görə ki, bizdə buna nəzarət etmək üçün mexanizmlər, infrastrukturlar nə avtovağzallarda, nə də magistral yollarda qurulub. Onlar qurulmamış bu normanı daxil etmək olmaz. İnşallah, gələcəkdə biz də bunları qurarıq, sonra bu normanı daxil edərik. Sağ olun.
Sədrlik edən. Sağ olun. Hörmətli Qüdrət müəllim, Siz həm suallar qaldırdınız, həm də bəzilərinin cavabını verdiniz. İndi bunları birləşdirəndə məsələ həllini tapır. Sərnişinlərin avtobuslara yük vurmasından danışdınız. Yaxşı, avtobusa həddindən artıq yük vuruldu, nəticədə avtobus qəzaya uğradı. Kim buna cavab verməlidir? Bu qanun layihəsini çıxarmaq əvəzinə yaxşı olmazmı, biz bura əlavə edək və Nazirlər Kabinetinə də yazaq ki, avtovağzallarda, sərnişinlərlə işləyən təşkilatlarda həmin o tərəzilər, ölçü yazıları qoyulsun ki, avtobusa minən yükünü çəksin, normanı bilsin. Bu daha yaxşı olmazmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Mən də onu deyirəm də. Qanunu niyə çıxarmalıyıq ki? Normal qanundur, lazım olan məsələləri ora əlavə etmək olar.
Yük maşınları barədə danışdınız. Yük maşını bortunu bir metr də yuxarı qaldırır, 20 ton əvəzinə 30 ton yük vurur. Nəinki yolları xarab edir, özünü də təhlükəyə atır, ətrafdakıları da.
Mən hətta keçən dəfə sizin komitənin iclasında da fikir verdim. Orada fikirlər oldu ki, bəzi insanlar rayondan öz maşınları ilə yük, meyvə-tərəvəz gətirirlər. Gətirsinlər, lap yaxşı. Ancaq onlar da həddindən artıq yük vurarlarsa, yol hərəkəti təhlükəsizliyini poza bilərlər. Onun da tormoz yolu azalır, diqqəti yayınır, maşın ağırlaşır. Yəni bu məsələlər istər-istəməz yoluna qoyulmalıdır. Bu qanunun qəbul edilməsi, hesab edirəm, düzgündür. Ancaq o qanuna, siz deyən kimi, infrastrukturun yaradılması ilə bağlı məsələləri də əlavə etməliyik. Siyavuş Novruzov.
S. Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Bu əlavələr və düzəlişlər çox vacibdir. Mən hesab edirəm ki, bunu biz qəbul etməliyik və orada normalar çox düzgün göstərilibdir. Biz indi irəliyə baxmalıyıq. İndi burada qeyd olundu ki, müəyyən Avropa dövlətində belədir. Biz elə Avropa dövlətiyik. Bu gün bizim inkişafımız, iqtisadiyyatımız və çəkilən yollar, qurulan körpülər, inşa edilən avtovağzallar, dəmir yolu vağzalları, hava limanları heç bir Avropa ölkəsindən əskik deyil. O baxımdan da mən hesab edirəm ki, qəbul etdiyimiz normalar insanların həyatına, sağlamlığına, təhlükəsizliyinə ziyan vura biləcək amilləri aradan qaldırar. Bu gün kimsə öz maddi marağından ötrü normadan artıq yükü avtomobilinə vurub, başqasına ziyan vermək istəyirsə, biz bunun qarşısını almaq istəyirik. Burada hansı neqativ hallar olur? Yol polisi, yaxud o struktura nəzarət edəcək adam şəxsi məqsədi üçün birindən istifadə edə bilər. Bütövlükdə biz bunu bir-iki adamın, fərdin xüsusiyyətinə tətbiq edib qanunu qəbul etməyək? Bu, yolverilməzdir.
Biz dəfələrlə günün günorta çağı şəhərin ortasında ağır tonnajlı maşınların işləməsinin şahidi olmuşuq. Dünyanın heç bir yerində belə bir şey yoxdur. Başqa ölkələrdə o maşınlar şəhərin kənarında dayanır, yük kiçik maşınlara yüklənərək ayrı-ayrı obyektlərə paylanılır. Bu gün Azərbaycanda, o cümlədən şəhərimizdə tikinti quruculuq işləri gedir. 40–50 tonluq beton qarışdıran maşın səhər tezdən axşama qədər kiçik maşınların arasında hərəkət edir. Biz şahidi olduq ki, onun birinin aşması bir neçə vətəndaşımızın ömrünə son qoydu. Dünyada bunların iş saatı müəyyənləşdirilib. Ya səhər saat 8-ə qədər işləyirlər, ya da axşam saat 8-dən sonra. Xüsusi hal olsa, əgər qaçılmazdırsa, bunun gəlməsi mümkündürsə xüsusi mühafizə ilə şəhərə daxil ola bilər.
Biz dəfələrlə şahidi oluruq və eşidirik ki, rayondan gələn avtobus qəzaya uğradı, 20 sərnişin həlak oldu və sair. Bunların hamısı ağır yükün götürülməsi ilə əlaqədardır. 5 manat pula görə bir neçə insanın həyatına son qoyulur, bir neçə ailə başsız qalır. Bu əlavə və dəyişikliklərdə məqsəd ondan ibarətdir ki, bu şeylərə yol verilməsin, belə məsələlər qayda-qanuna uyğunlaşdırılsın. Avropanın hansı ölkəsində təyyarəyə 30 kilodan artıq yük vura bilərsən? Vurursan, pulunu ödə. Bu gün avtobus da, taksi də həmin şeydir. Rayondan öz məhsulunu gətirir, “Jiquli” markalı maşına 1 ton yük vurur. Qarpız az qalır öz başına düşsün. Ola bilər, oradan 500–1000 manat pul qazanacaq, amma öz həyatını təhlükə altına qoyur. Başqa bir maşına 320 manat vermək əvəzinə həyatını təhlükə altına atır. Bunların qarşısını almaq lazımdır. O hətta başqa adamların həyatına təhlükə yaradacaq, onların həyatına son qoyacaq. Bütün qanunlar insan amilinə hesablanıb və burada bu, nəzərdə tutulub. Oqtay müəllim, mən hesab edirəm ki, çox normal bir qanundur, bunun heç geniş müzakirəsinə də ehtiyac yoxdur. Səs verək, qəbul edək. Sağ olun.
Sədrlik edən. Kamilə Əliyeva.
K. Əliyeva. Çox sağ olun, cənab Sədr. Mən də bu qanun layihəsinə səs verəcəyəm, ancaq onun bəzi maddələrinə münasibətimi bildirmək istəyərəm. 150.4-cü maddədə bildirilir ki, dəmir yolu nəqliyyatında sərnişinlərin biletsiz aparılmasına görə 5 manatdan 10 manatadək miqdarda cərimə edilir. Deyək ki, vaqon bələdçisi və yaxud qatar rəisi biletsiz sərnişin aparır və bunun da müqabilində müəyyən qədər pul alır. Müvafiq orqan tərəfindən bu fakt aşkarlandıqda 5 manatdan 10 manatadək cərimələnir. Qalan pulu isə yenə də mənimsəmiş olur. Məncə, bu, qanun pozuntusunun qarşısının alınması üçün vəziyyətdən çıxış yolu deyil. Mənə elə gəlir ki, cərimənin miqdarı satılan biletin miqdarından bir neçə dəfə çox olmalıdır.
“Sənədsiz sərnişindaşıma” adlı 150.1-ci maddənin sonuncu abzasında yazılıb ki, fiziki şəxslər 100 manatdan 300 manatadək miqdarda, vəzifəli şəxslər 300 manatdan 500 manatadək miqdarda, hüquqi şəxslər 1000 manatdan 3000 manatadək miqdarda cərimə edilirlər. Mənə elə gəlir ki, hüquqi şəxslər üçün 1000 manatdan 3000 manatadək miqdarda cərimə fərqi böyükdür və bu da rüşvətə meyilliyi artırmış olur. Belə ki, müəyyən razılaşmalar ola bilir. Protokolu tərtib edən orqan işçisi protokola 3000 manat yox, 1000 manat qeyd etməklə yenə də rüşvət ala bilir. Təklif edərdim, bu fərq azaldılsın ki, neqativ hallara və rüşvətə yol verilməsin.
150-2.1.3-cü maddədə qeyd edilir ki, müəyyən edilmiş tarifdən daha yüksək gediş haqqının tətbiq edilməsinə görə 40 manatdan 50 manatadək miqdarda cərimə edilir. Biz bilirik ki, şəhərlərarası və rayonlararası sərnişin daşımalarında çoxyerli avtobuslar var. Hamımıza da məlumdur ki, bayram günləri rayonlardan şəhərə, şəhərdən rayonlara axın güclənir. Bu zaman şahidi olmuşuq ki, sərnişinlər arasında süni qiymət artımı ilə bağlı haqlı narazılıqlar yaranır. Deyək ki, sürücü və yaxud avtovağzal rəhbərliyi hər sərnişindən müəyyən qədər artıq pul alır və bu da çoxyerli avtobuslarda müəyyən qədər yüksək məbləğ əmələ gətirir. Bunun da müqabilində yenə sürücü, ya da avtovağzal rəhbərliyi cəmi 40–50 manat cərimə ödəyəcək. Mən xahiş edərdim ki, bu maddəyə də yenidən baxılsın.
Nəhayət, digər bir maddəyə də öz fikrimi bildirim. Yazılır ki, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan tərəfindən araşdırmaların aparılmasına maneçilik törədilməsinə görə vəzifəli şəxslər 30 manatdan 50 manatadək miqdarda cərimə edilir. Deməli, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan tərəfindən maneçilik törədiləcək və bunun da müqabilində 30–50 manat cərimələnəcək. Onda belə hallar tez-tez təkrarlana bilər. Ümumiyyətlə, nə dərəcədə düzgündür ki, inzibati nəzarəti həyata keçirən orqana maneçilik törədilsin və bunun müqabilində minimum cərimə ödənilmiş olsun? Mənə elə gəlir ki, belə hallara qarşı daha ciddi tədbirlər görmək lazımdır.
Korrupsiya ilə əlaqədar bir fikrimi də bildirmək istəyirəm. Hamımıza məlumdur ki, ölkəmizin dinamik inkişafına mane olacaq və beynəlxalq aləmdə onun imicinə xələl gətirə biləcək hallara qarşı respublikamızda geniş mübarizə işi aparılır. Bu yaxınlarda möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yanında aparılan müşavirə buna bir daha sübutdur. Doğrudan da, bu gün bəzi nazirlər, komitə və idarə rəhbərləri vəzifələrindən sui-istifadə edirlər, ayrı-ayrı şəxslərdən və adamlardan rüşvət tələb edirlər. Bu da ölkəmizin iqtisadi cəhətdən irəli getməsinə mane olur və insanlarımızın hüquq və azadlıqları pozulur. Maraqlısı budur ki, bəzi nazirliklər televiziya və digər kütləvi informasiya vasitələrində çıxışlarında və rüşvətə qarşı mübarizə ilə bağlı hesabatlarında bildirirlər ki, rüşvət aldığı üçün bir neçə əməkdaş işdən azad edilib. Hansı qanunvericilikdə müəyyən olunub ki, rüşvət alan şəxsin cəzası işdən çıxarılmaqla bitir?
Bununla bağlı mən iki təklif vermək istərdim. Birincisi, Cinayət Məcəlləsinin rüşvətlə bağlı olan maddələri daha da sərtləşdirilsin və ikinci, nazirlik, idarə və komitə rəhbərləri Milli Məclisdə deputatlar qarşısında korrupsiya və rüşvətxorluğa qarşı geniş hesabat və gələcəkdə görüləcək işlər barəsində məlumat versinlər. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Musa Quliyev.
M. Quliyev. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən də hesab edirəm ki, bunlar çox lazımlıdır və İnzibati Xətalar Məcəlləsinə edəcəyimiz dəyişikliklər vətəndaş, məmur və nəzarətçi orqan münasibətlərini daha sivil şəkildə tənzimləməyə xidmət edəcəkdir. Xüsusilə bir sıra xidmət sahələrində, o cümlədən sərnişin və yük daşıma sahəsindəki münasibətlərin normalar və hüquq çərçivəsində tənzimlənməsinə şərait yaradacaqdır. Eyni zamanda, belə bir qanunun qəbul olunması bu sahədə müəyyən rüşvətxorluğa şərait yarada bilən halların da aradan qaldırılmasına hüquqi baza yaradacaqdır. Belə bir qanun layihəsinin qəbul olunmasına tərəfdaram.
Eyni zamanda, müəyyən təkliflərim var. Mən bilmirəm, bizim hörmətli komitə sədrlərimiz qanun layihəsinin müəllifi ilə əlaqə saxlaya və bu təkliflər qəbul oluna bilərmi? Qəbul olunsa, düşünürəm, yaxşı olar. Birinci, 150-2.1.2-ci maddədə “taksi” tanınma nişanları, “taksometr” yazılır və ondan sonra “və ya sərnişin və baqaj daşınması qaydaları ilə müəyyən edilmiş digər məlumat göstəriciləri” gəlir. Bu “digər məlumat göstəriciləri” nədir? “Digər məlumat göstəriciləri” ifadəsinin bura yazılması taksometri ikinci plana qoymayacaqmı? Əslində, yaxşı olar ki, bundan sonra bütün taksilərdə taksometr quraşdırılsın və sərnişin haqqının alınması taksometr vasitəsilə həyata keçirilsin.
Başqa bir təklifim 150-2.1.4-cü maddə ilə bağlıdır. Burada siqaret çəkilməməsi ilə bağlı təklif verilir və cərimə sanksiyaları müəyyən olunur. Bu çox yaxşı, çox gözəldir. Amma niyə bu yalnız müntəzəm şəhərdaxili, şəhərlərarası və beynəlxalq marşrutlarda hərəkət edən avtobuslara aiddir? Qeyri-müntəzəm, yəni bir-iki dəfə gedən avtobuslarda siqaret çəkmək olarmı? Yaxud marşrut taksilərində siqaret çəkmək olar, amma avtobuslarda olmaz? Deməli, biz avtobuslarda gedənlərin sağlam ətraf mühitdə yaşamaq hüququnu qoruyuruq, amma marşrut taksidə gedənlərə bu aid deyil. Düşünürəm ki, “müntəzəm” sözü buradan çıxarılmalıdır. “Avtobus” sözündən sonra “marşrut taksi” sözü də bura əlavə olunmalıdır.
Eyni zamanda, 150-2.1.5-ci maddəyə də eyni şeyləri əlavə etmək lazımdır. “Müntəzəm” sözü buradan da çıxarılmalı, “marşrut taksi” sözü əlavə olunmalıdır. Marşrut taksidə də aparılmasına yol verilməyən əşyanın daşınmasına görə cərimə sanksiyası müəyyən edək.
Mənim digər bir təklifim 160.3-cü maddə ilə bağlıdır. Burada çox düzgün qeyd olundu ki, iri qabaritli və maşının oxuna düşən normadan artıq yükün daşınması, bir tərəfdən, bizim müasir standartlara cavab verən və böyük xərc hesabına başa gəlmiş yollarımızı tez sıradan çıxarır, digər tərəfdən, təhlükə mənbəyidir. Belə hallar avtomobilin özünü də tez sıradan çıxarır. Amma biz bu cərimə sanksiyalarını artırmaqla, eyni zamanda, qatar vasitəsilə bu ağır yüklərin daşınmasını təmin etmiriksə, onda yük maşınları ilə daşınan bu yüklər nədir? Bunlar, əsasən, tikinti materiallarıdır. Adətən, Bakıdan mişar daşı aparılır, rayonlardan da Bakıya qum, çınqıl və sair materiallar gətirilir. Bunların maya dəyəri qalxmayacaqmı? Dəfələrlə Milli Məclisdə hökumətin hesabatında bu məsələ qalxıbdır. Yaxşı olar ki, müvafiq qurumlar artıq bu tikinti materiallarının yük qatarları vasitəsilə daşınmasını təmin etsinlər. Hər istiqamətdə bizim qatarlarımız işləyir. Mən düşünürəm ki, bu işi təmin etmək daha yaxşı olar.
Bir məsələni də qeyd etmək istəyirəm, dəyişikliklərdə bu yoxdur. Amma bu, birbaşa elə avtomobil yolu ilə, sərnişin, sürücü, polis münasibəti ilə bağlıdır. Biz yolların çoxunda indi radarlar quraşdırmışıq, onlar yol hərəkətinin təhlükəsizliyinə xidmət eləyir. Amma bəzi yerlərdə radar işarəsi qoyulub və sürücüyə xəbərdarlıq olunub ki, bəli, qabaqda radar var, sürəti azaltmaq lazımdır. Xüsusən də yaşayış məntəqəsindən radarda icazə verilən sürətlə keçmək lazımdır. Bəzi yerlərdə, ümumiyyətlə, radar işarəsi yoxdur, gizli şəraitdə müşahidə aparırlar. Əgər bu radar, doğrudan da, yolun təhlükəsizliyi, sürücüyə xəbərdarlıq məqsədi daşıyırsa, hər yerdə öncədən xəbərdarlıq işarəsi qoyulsun və bu radarlar müəyyənləşsin. Yox, bu, sürücünü tutub cərimə eləməkdən ötrüdürsə, onda o işarələrin hamısı götürülsün, hər yerdə gizli şəraitdə ölçsünlər, sürücünü də tutub cərimələsinlər. Belə ola bilməz axı. Ümumiyyətlə, bu qanunun qəbul olunması lazımdır və layihənin lehinə səs verəcəyəm. Təşəkkür edirəm.

Azərbaycan  Respublikası  Milli  Məclisi  Sədrinin
birinci  müavini  Z. Əsgərov  sədrlik  edir

Sədrlik edən. Sağ olun. Nə təklif edirsiniz, davam edək?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yaxşı, davam edirik. Fəzail Ağamalı.
F. Ağamalı. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Məndən öncə çıxış edən və öz çıxışını qanun layihəsinin müdafiəsinə yönəldən millət vəkillərini, həmkarlarımı, əlbəttə, mən də dəstəkləyirəm, müdafiə edirəm. Düşünürəm ki, təqdim edilmiş qanun layihəsi vacibdir, çünki bu gün ölkənin yolları milyonlar hesabına yenidən qurulur, infrastruktur yeniləşir, təzələnir. Milyonların hesabına başa gələn infrastrukturu bu və ya digər səbəb ucbatından dağıtmaq, məhv etmək, əlbəttə, yolverilməzdir. Buna qarşı mübarizənin bütün üsullarından istifadə etmək vacibdir. Təqdim edilmiş qanun layihəsinin də fəlsəfəsi və mahiyyəti buna xidmət edir.
Digər tərəfdən, bu da bəllidir ki, hələ də ölkənin istər ayrı-ayrı şəhərlərində, istərsə də şəhərlərarası, rayonlararası daşınmalarda qayda-qanun arzuladığımız səviyyədə deyil. Burada Qüdrət bəyin söyləmiş olduğu fikirlərdə müəyyən həqiqət var. Narazılıqlar mövcuddur. Lakin Oqtay müəllim ona düzgün cavab verdi. Nədən biz bəzən hətta bizim milli mentalitetimizə uyğun gəlməyən qanunları Avropadan qabaq qəbul edirik? Bizim yol təsərrüfatımızın qorunmasına, onun inkişafına xidmət edən, bunun üçün real imkanlar yaradan, problemləri aradan qaldıran qanunu, tərəzilərin qoyulması məsələsini onlardan qabaq qəbul etməyək? Niyə etməyək? Hazırda yük daşımalarda, xüsusi olaraq sərnişin daşımalarda bu məsələnin həlli mümkündür.
Eyni zamanda, yük daşımalarda da bir qayda-qanun yaratmaq lazımdır. Ona görə də təqdim olunmuş layihənin 150-ci maddəsinin bütün müddəalarını, 163-cü maddəyə edilən dəyişiklikləri birmənalı şəkildə müdafiə edirəm. Təklif edirəm ki, 163-cü maddə də işçi qrupu ilə müzakirə edilsin. Təqdim edilmiş layihədə cərimənin miqdarı hədsiz dərəcədə aşağıdır. 163-cü maddənin sonuna baxırsınız. Burada həmin müddəaları pozduğuna görə fiziki şəxslər 30 manatdan 50 manata və hüquqi şəxslər, vəzifəli şəxslər isə 150 manatdan 200 manata qədər cərimə olunurlar. Düşünürəm ki, bu, yetərincə az rəqəmdir. Əksinə, bunun miqdarını artırmaq lazımdır ki, belə hallara yol verilməsin.
Digər tərəfdən, mən çox arzulayardım və çox istərdim ki, bu cərimələrin ödənilməsi prosesi cərimələri tətbiq edənlə sərnişin və ya yük daşıyan sürücü arasındakı təmasda öz həllini tapmasın. Bu cərimələr banklar vasitəsilə həyata keçirilsə, məncə, daha yaxşı ola bilər. Neqativ halların, eyni zamanda, rüşvət, pulun mənimsənilməsi hallarının aradan qaldırılmasına öz töhfəsini verə bilər. Nəticədə bir daha deyirəm ki, bu qanun layihəsinə səs verəcəyəm. Hörmətli millət vəkillərini də bu qanun layihəsinə səs verməyə dəvət edirəm. Mümkündürsə, digər qanun layihələrimizin müzakirəsinə keçək, bunu səsə qoyaq. Digər qanun layihələrinin müzakirəsinə başlayaq.
Sədrlik edən. Hikmət müəllim, sualınız var idi? Buyurun, qısa.
H. Atayev. Ziyafət müəllim, mənim sualım bundan ibarətdir: yüklərin çəkisini necə müəyyənləşdirəcəklər?
Sədrlik edən. Biz də səhərdən onu aydınlaşdırmaq istəyirik.
H. Atayev. Ziyafət müəllim, biz axı qanunu qəbul edirik, amma hələ bunu müəyyən etməmişik. Bir misal gətirim. Misal üçün, mişar daşı daşıyan maşının çəkisi necə müəyyənləşdiriləcək? Bu gün həmin daşın çəkisi yaydakı çəkisindən iki dəfə fərqlidir. Bu gün yüklənən mişar daşı iki dəfə ağır olacaqdır, nəinki yayda yüklənən. Bunu həmçinin quma da aid etmək olar. Mən təsəvvür etmirəm, yükün çəkisi necə müəyyənləşdiriləcək?
Sədrlik edən. Davam edək. Bir nəticəyə gələrik artıq. Buyurun, Etibar Hüseynov.
E. Hüseynov. Hörmətli Ziyafət müəllim, mən Sizə üz tutmaq məcburiyyətindəyəm, çünki sədarətdə Sizdən başqa heç kəs yoxdur. Məsələ bundadır ki, tabloda, adətən, 10-12 nəfər deputatın adı yazılır və hansı məsələ, mövzu, qanun müzakirə edilirsə, bu yoldaşlar həmişə danışırlar. İnsafən çox yaxşı da danışırlar. Ancaq yeni deputatlara söz gəlib çatanda ya vaxt qurtarır, ya da sədrlik edən çıxışları dayandırır. Ən qəribəsi budur ki, bu yoldaşlar danışıb qurtaran kimi çıxışların dayandırılmasını, məsələnin səsə qoyulmasını təklif edirlər. Mən çox xahiş edirəm ki, yeni seçilən deputatlara da hərdən danışmağa imkan verin.
Qanun layihəsi ilə bağlı hörmətli Əli müəllimdən xahiş edərdim, bir məsələ haqqında arayış versin. 150.6-cı maddədə trolleybus, tramvay, şəhərlərarası marşrutlarda, dəmir yolunda, dəniz və çay nəqliyyatında biletsiz daşımalara görə cərimələr nəzərdə tutulub. Aydın məsələdir ki, qatarla və ya avtobusla biletsiz sərnişin aparmaq mümkündür. Ancaq 6-cı bənddə hava nəqliyyatında sərnişinlərin biletsiz aparılmasına görə 20 manatdan 40 manatadək miqdarda cərimə nəzərdə tutulub. “Hava nəqliyyatı” deyəndə yəqin təyyarə nəzərdə tutulur. Təyyarəyə minənə qədər sərnişinlər bir neçə, özü də çox ciddi yoxlamalardan keçirilirlər. Bu hansı yolla həyata keçiriləcəkdir? Bunu necə etmək mümkündür? Bunu etməyə qadir olan şəxslərə 20 manat cərimə yox, Nobel mükafatı vermək və ya onları ömürlük həbs etmək lazımdır. Terror hadisələrinə nəzər yetirdikdə görürük ki, əksər hallarda mexaniki bombalar deyil, canlı bombalar işə salınır. Bu bəndlə bağlı, mən çox istərdim ki, Əli müəllim izahat versin.
Bir çox həmkarlarım da razılaşarlar ki, Nəqliyyat Departamenti sürücülərdən aylıq lisenziya tələb edir və bu da çox ciddi narazılığa səbəb olur. Sürücülər əksər hallarda xahiş edirlər ki, lisenziyanın vaxtı, heç olmasa, ildə bir dəfə və ya 6 aydan bir uzadılsın. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Etibar müəllim. Elton Məmmədov.
E. Məmmədov. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Mən də hesab edirəm, müzakirəmizə təqdim edilən İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklər, daim olduğu kimi, çox hörmətli komitə sədri Əli müəllim tərəfindən peşəkarcasına Milli Məclisə təqdim olundu. Müzakirələrlə bağlı mən də bir neçə fikrimi həmkarlarımla bölüşmək istəyirəm. Düşünürəm ki, mənim çıxışım müəyyən məsələlərə bir balaca aydınlıq gətirəcəkdir.
Müzakirəmizə təqdim olunan hər hansı əlavə və dəyişikliklərə və digər qanun layihələrinə biz ən azı dövlətimizdə gedən inkişaf baxımından, qanunların təkmilləşdirilməsi baxımından yanaşmalıyıq. Burada fikir səsləndi ki, belə dəyişikliklər korrupsiya mənbəyinə çevriləcəkdir. Bu fikirlərlə heç də razı deyiləm. Sadəcə, qanuna edilən hər bir dəyişiklik ölkədə gedən islahatlarla, ölkə siyasətinin tənzimlənməsi ilə bağlıdır. Belə qanun layihələri birbaşa cəmiyyətimizə və dövlətimizə xidmət edən amillərdir.
Burada Əli müəllim layihəni təqdim edəndə suallar oldu ki, avtovağzal və avtostansiyaların fəaliyyəti necə tənzimlənəcək, inzibati xətalar necə tətbiq olunacaqdır? Hörmətli həmkarlarımın nəzərinə çatdırmaq istəyirəm ki, Nazirlər Kabinetinin 5 fevral 2009-cu il tarixli 22 saylı qərarı ilə “Avtovağzal və avtostansiyalar haqqında” Əsasnamə təsdiq olunubdur. Bu əsasnamədə avtovağzal və avtostansiyaların leqal fəaliyyətinin bütün sahələri əhatə olunubdur. Bu fəaliyyət növündə həmin əsasnaməyə istinad olunur. Bu müəssisələr daxili nizamnamələrinə uyğun olaraq sərnişin və yük daşıma proseslərini həyata keçirə bilirlər. Yük və sərnişin daşıma prosesləri, yüklərin müəyyənləşdirilməsi məsələləri burada qeyd olunur. Bu gün məhz İnzibati Xətalar Məcəlləsinə edilən əlavələr və dəyişiklik məhz qanunun predmetidir.
Digər görünməyən amillər isə müəssisələrin özlərinin əsasnamələri əsasında fəaliyyətlərinə aid məsələlərdir. Həmin əsasnamədə avtobusların yola düşməsi və sərnişinlərə biletin verilməsi, biletlərin kassa vasitəsilə satışı, bunların cədvəl vasitəsilə nömrələnib təsdiqlənməsi nəzərdə tutulubdur. Bu çox şəffaf bir fəaliyyət növüdür. Uzun məsafəli marşrutlarda, yəni şəhərlərarası, beynəlxalq xətlərdə işləyən avtobuslarda baqajların çəkisi həmin müəssisədə fəaliyyət göstərən tərəzilər vasitəsilə ölçülür. Aeroportda təyyarənin sərnişin salonuna 10 kiloqrama qədər baqaj aparmaq olar, 10 kiloqramdan artıq baqaj isə təhvil verilməlidir. Həmin baqajın tarifə uyğun qiyməti ödənilir, sonra sərnişinə müəyyən bir yarlıq verilir.
Daşıma prosesləri zamanı həm ölkədən çıxan, həm də ölkəyə gələn yük daşıyan nəqliyyat vasitələrində tərəzi sistemi tənzimlənir. Hamıya bəllidir ki, müasir yol-nəqliyyat infrastrukturunun qurulması nəticəsində, ölkə başçısının müvafiq sərəncamlarına və göstərişinə əsasən bu sahədə fəaliyyət göstərən Nəqliyyat Nazirliyinin aidiyyəti orqanları və qurumları həmin tərəziləri ölkəmizin bütün çıxış və giriş qapılarında qoyublar. Bu məsələlər artıq çoxdan nəzərə alınıbdır və bir ildən çoxdur ki, həmin fəaliyyət tənzimlənir. İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklər Nazirlər Kabinetinin 22 saylı qərarına uyğun olaraq tətbiq ediləcəkdir. Qəbul etdiyimiz “Nəqliyyat haqqında” Qanunun tətbiq dairəsinə şamil olunacaqdır.
Bu qanunlar, qərarlar qəbul edilibdir, ancaq İnzibati Xətalar Məcəlləsində isə uzun müddətdir dəyişikliklər edilməmişdir. Bu baxımdan da müvafiq icra hakimiyyəti orqanının əməkdaşları həmin məsələləri qanuna uyğun tənzimləyə bilmirdilər. Bu əlavələr və dəyişikliklər müvafiq sahədə inzibati xətaların tətbiqinə yol açacaq və buradakı özbaşınalıq və qeyri-leqal fəaliyyətə son qoyacaqdır ki, bu da nəticədə əhalimizin sosial problemlərinin həllinə yönələcəkdir. Bu baxımdan hesab edirəm ki, təklif edilən qanun layihəsi çox önəmlidir. Bu, həm iqtisadiyyatımıza dəstək verəcək, həm də həmin sahədən istifadə edən insanların sosial mənafeyinə xidmət edəcəkdir. Beləliklə, qanunumuz təkmilləşərək bu sahədə olan boşluqlar aradan götürüləcəkdir.
Çox hörmətli Əli müəllimin diqqətini 150-1-ci maddəyə cəlb etmək istəyirəm. Əgər biz siqaret problemini cəmiyyətimizdə müəyyən şəkildə həll etmək istəyiriksə, təklif edirəm ki, həmin maddə belə yazılsın: “İctimai yerlərdə və əhaliyə xidmət edən nəqliyyat növlərində siqaret çəkilməsini ümumilikdə qadağan etmək lazımdır”. Bundan irəli gələn məsələlər, gələcəkdə qəbul ediləcək sahə qanunları İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq ediləcəkdir. Bu isə olan problemləri aradan qaldıracaqdır. Bu gün sərnişin daşımada bunu qadağan edəriksə, digər nəqliyyat növlərinə də aid olacaqdır. Gəmilərə və digər sahələrə şamil edilməyəcək. Amma hesab edirəm ki, çox hörmətli Əli müəllim qanunvericilik təşəbbüsü subyekti ilə məsləhətləşsə, ictimai nəqliyyatda və ictimai yerlərdə siqareti qadağan etmək olar. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Çingiz Qənizadə.
Ç. Qənizadə. Təşəkkür edirəm. Hörmətli sədarət, hörmətli həmkarlar, mən vaxtınızı çox almayacağam. Sadəcə, mən komitənin üzvü kimi demək istəyirəm, biz müzakirələr zamanı qərara gəldik ki, bu qanun layihəsi müzakirə və qəbul olunmalıdır. Amma burada konkret maddələr üzrə bir neçə təklif vermək istəyirəm. Bayaq da hörmətli Oqtay müəllim qeyd etdi ki, təkliflər paketi verilsin.
Birinci, mən həmkarlarım Fazil bəyin, Qüdrət bəyin və digərlərinin də narahatlığını başa düşürəm. Bəli, doğrudan da, 150-2.1.2-ci maddəni bu gün qəbul etsək, yüz minlərlə taksi fəaliyyəti ilə məşğul olan insanların maddi durumuna zərər vurmuş olarıq. Ona görə mən konkret olaraq təklif edirəm ki, hörmətli Ziyafət müəllim, bu maddənin əvvəlində “taksi” sözündən əvvəl “taksi xidməti göstərən firma və dövlət qurumlarına aid olan avtomobillərdə” sözləri yazılmaqla biz fərdi taksi xidməti ilə məşğul olan insanları belə təhlükədən bir az uzaqlaşdırarıq. Əgər gələcəkdə ölkədə taksi xidmətinin səviyyəsini kifayət qədər yüksəltsək, fərdi sürücülərin problemi artıq avtomatik həll olunacaqdır. “Taksi” sözündən əvvəl “taksi xidməti göstərən firma və dövlət qurumlarına aid olan avtomobillər” sözləri yazılsın.
150.2.1.5-ci maddədə isə “müntəzəm şəhərdaxili, şəhərlərarası və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslarda” sözlərindən sonra “Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş aparılmasına yol verilməyən əşyalar” sözləri salınsın. “Aparılmasına yol verilməyən əşyalar” dedikdə biz bunu qeyri-müəyyən başa düşmürük.
Elton müəllimin bayaq qeyd etdiyi məsələyə toxunuram. Mən də hesab edirəm ki, təkcə avtobuslarda deyil, bütün ictimai nəqliyyatda, sərnişin daşıma ilə məşğul olan nəqliyyat növlərində siqaretin çəkilməsi qadağan olunmalıdır. Ona görə də 150.2.1.4-cü maddə ilə bağlı Elton müəllimin fikrini dəstəkləyirəm.
150.2.1.8-ci maddə ilə bağlı, Qüdrət müəllimin qeyd etdiyi kimi, müəyyən narazılıqlar var. Burada qeyd olunur ki, “müəyyən olunmuş tələblərə riayət olunmadıqda...”. “Müəyyən olunmuş tələblər” dedikdə, bu tələblərin nədən ibarət olduğunu başa düşə bilmirik. Buna görə də təklif edirəm ki, “baqajın kütləsinə dair” sözlərindən sonra yenə də “Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş tələblərə riayət olunmasına görə” sözlərini əlavə etməklə bir aydınlıq gətirək.
150.3.2-ci maddə ilə bağlı Elmira xanım, doğrudan da, haqlı olaraq qeydini söylədi, əmtəə təyinatlı yüklərin əmtəə nəqliyyat qaimələri ilə rəsmiləşdirilmədən daşınmasına görə cərimə nəzərdə tutulur. Vətəndaş öz şəxsi təsərrüfatında ət, başqa kənd təsərrüfatı məhsulları istehsal edir və sair. Onun əmtəə təyinatlı yüklər üçün qaimələr alması, təbii, absurddur və mümkün deyil. Ona görə mən təklif edirəm, bu maddənin əvvəlinə “şəxsi təsərrüfatlarda istehsal edilmiş məhsullardan başqa” sözlərini əlavə edək. Bunu yazmaqla hamımızı narahat edən məqamlara, yəni gələcəkdə minlərlə insanın narazılığına səbəb olan məsələyə aydınlıq gətirərik. Bir daha təkrar edirəm, 150-3.2-ci maddədə “əmtəə” sözündən əvvəl “şəxsi təsərrüfatlarda istehsal edilmiş məhsullardan başqa” sözlərini əlavə etməklə bu maddəni olduğu kimi saxlayaq.
150-4-cü maddədə isə yazılır ki, “xüsusi razılıq (lisenziya) olmadan avtomobil nəqliyyatı və sərnişin, yük daşıması, yaxud lisenziya şərtlərinin pozulması...”. Mən istəyirəm, eyni zamanda, fərdi taksi sürücülüyü, sərnişin daşıma ilə məşğul olan insanların, sürücülərin də məsuliyyətini artıraq. Ona görə də “xüsusi razılıq (lisenziya)” sözlərindən sonra buraya, yaxşı olar ki, “taksi tanınma” sözlərini də əlavə edək və bununla fərdi taksi sürücülərinin  məsuliyyətini artıraq. Həmin nişanları qoymaqla, lisenziya almaqla onlar müəyyən fəaliyyət növü ilə məşğul ola bilsinlər.
163.0.13 və 163.0.14-cü maddələrlə bağlı təkliflə mən komitənin iclasında da çıxış etmişdim. Nəqliyyat Nazirliyi əməkdaşlarının narahatlığını başa düşürük. Bu gün dünya standartlarına uyğun yollar çəkilir, gözəl yollardan istifadə edirik, rahat şəraitdə gedib-gəlirik. Amma bəzən ağır tonnajlı maşınlar nəinki yolların xarab olmasına, həm də bizim əsəblərimizin gərginləşməsinə səbəb olur. Yəni çox yük vurduqdan sonra sürətlə hərəkət edirlər, ötmə əməliyyatlarının qadağan edildiyi halda biz 10–15 dəqiqə həmin maşının arxasında getməyə məcbur oluruq. Bu hər bir kilometrdə təkrarlandıqda yolda gərginlik yaranır. Bu baxımdan 163.0.13 və 163.0.14-cü maddələrin qalmasını təqdirəlayiq hesab etməklə, buraya bir əlavəmi qeyd etmək istəyirəm. Burada göstərilir ki, fiziki və eyni zamanda, vəzifəli şəxslər...
Mən komitənin iclasında da bunu təklif etmişdim. Ziyafət müəllim, mən çox istərdim ki, buna aydınlıq gətirim. Təbii ki, fiziki şəxslər sürücülərdir, vəzifəli şəxslər həmin yükü yığdıran briqadir, onun idarə müdiridir və sairlərdir. Amma nəzərə almaq lazımdır ki, bu yüklər bəzən başqa hüquqi şəxslər, məsələn, mişardaşı istehsal edən və ya digər şirkətlər tərəfindən yüklənilir. Ona görə mən təklif edirəm ki, bu maddələrin sanksiya hissəsində “vəzifəli şəxslər” sözlərindən sonra “hüquqi şəxslər” sözlərini yazmaqla biz belə yüklərin yüklənməsinin qarşısını xeyli almış olarıq. Mən həmin yükü yükləyən hüquqi şəxslərin də adı çəkilən maddələrin sanksiya hissəsində nəzərdə tutulan miqdarda cəzalandırılmasını məqsədəuyğun hesab edirəm. Sonda “vəzifəli şəxslər” sözlərindən sonra “hüquqi şəxslər” sözlərinin salınmasını təklif edirəm. Təşəkkür edirəm, sağ olun.
Sədrlik edən. Sağ olun. Məlahət İbrahimqızı.
M. İbrahimqızı. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Mən də məndən öncə çıxış edən bütün həmkarlarımın irəli sürdükləri təklifləri dəstəkləyirəm, onlara qoşuluram. Hesab edirəm ki, bu gün nəqliyyat sahəsində olan problemlərin aradan götürülməsi ilə bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə edilən əlavə və dəyişikliklər çox önəmlidir.
Mənim çıxışım çox qısadır, iki təklifim var. Son illər ölkəmizin paytaxtı Bakı şəhəri inanılmaz dərəcədə gözəlləşibdir və gündən günə də gözəlləşir. Şəhərə daxil olan istər yük maşını, istərsə də sərnişin nəqliyyatı vasitələri bəzən o qədər natəmiz vəziyyətdə olur ki, nəinki onun nömrəsi, hətta şüşələri görünmür. Hesab edirəm ki, bu dəyişikliklər və əlavələr cərgəsinə bir maddə də əlavə olunmalıdır. Həmin maddədə deyilsin ki, şəhərdə hərəkət edən istər yük, istərsə də sərnişin nəqliyyatının ekoloji cəhətdən təmizlik məsələsinə də ciddi riayət olunmalıdır.
Bununla bərabər növbəti təklifim də var. Bu hamımızı çox narahat edən bir məsələ ilə bağlıdır. Xüsusilə sərnişin daşıyan avtobuslara aiddir. Dayanacaq oldu-olmadı avtobusları istədikləri yerdə dayandırırlar, sərnişin götürürlər və ya kiminsə xahişi ilə saxlayırlar. Mən təklif edərdim ki, hər iki maddə – həm nəqliyyat növünün təmizlik məsələsi, həm də dayanacaq məsələsi çox ciddi olaraq bu dəyişikliklər və əlavələr arasında öz yerini tapsın. Mən bu dəyişikliklərə səs verəcəyəm və həmkarlarımı da səs verməyə çağırıram. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, Məlahət xanım. Rauf Əliyev.
R. Əliyev. Hörmətli Ziyafət müəllim, məni maraqlandıran sualı Elton müəllim çıxışında vurğuladı. Ona görə çıxışıma ehtiyac qalmadı. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Hörmətli deputatlar, hamınıza təşəkkür edirəm, çox maraqlı müzakirələr keçdi. İcazənizlə, Əli müəllimə söz verim, çünki burada maraqlı təkliflər, iradlar səsləndi. Əli müəllim bu məsələlərə aydınlıq gətirsin, sonra layihəni səsə qoyarıq. Buyurun, Əli Hüseynli.
Ə. Hüseynli. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Baxmayaraq ki, İnzibati Xətalar Məcəlləsinə edilən əlavə və dəyişikliklər müzakirə edilirdi, amma qeydlərin əksəriyyəti bəzən birbaşa, bəzən dolayısı ilə nəqliyyat sistemi ilə bağlı idi. Mən isə bu sistemlə heç bağlı deyiləm. Amma hər halda hüquqi bilgilərim, elə bilirəm, bir sıra məsələləri cavablandırmağıma kömək edər.
Birinci, bəzi təkliflər, ümumiyyətlə, bizim layihə ilə bağlı deyildir. Hörmətli həmkarım və yeni seçilmiş millət vəkili Etibar müəllim iradını bildirdi ki, bəzən onlara söz verilmir. Bəlkə də bu halda da bir xeyir var. İstəyirəm bu sözlərimi çox səmimi qəbul edəsiniz, edilən təkliflər layihəyə yox, layihəyə əlavə edilmiş arayışa aid idi. Əslində, 150-ci maddəyə heç bir dəyişiklik nəzərdə tutulmayıb.
Eyni zamanda, qeyd etmək istəyirəm ki, komitə və müvafiq şöbə də həmişə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə bağlı izahat verməyə hazırdır. Hörmətli Kamilə xanımın da qeydləri 150.4, 150-1-ci maddələrlə bağlı idi. Ümumiyyətlə, 150-ci maddə ilə bağlı bizim layihədə heç bir əlavə və dəyişiklik yoxdur. Edilən əlavələr təklif olunmuş yeni maddələrlə bağlıdır.
Sədrlik edən. Əli müəllim, bir məsələ haqqında fikrimi deyim. Kamilə xanım çox maraqlı bir təklif verdi. Düzdür, 150-ci maddədə dəyişiklik nəzərdə tutulmur, amma sanksiyanın mütənasibliyi məsələsinə, hesab edirəm, gələcəkdə baxılmalıdır.  Buyurun.
Ə. Hüseynli. İkinci, çox maraqlı bir sual səsləndi. Bəzən işdən azad etmə cəzası bu məsələ ilə bağlı deyil. Parlamentin qəbul etdiyi “Korrupsiya ilə mübarizə haqqında” Qanunda göstərilib ki, korrupsiyaya qarşı mübarizə tədbiri kimi tək cinayət məsuliyyəti deyil, eyni zamanda, inzibati məsuliyyət də nəzərdə tutulur. Əslində, işdən çıxarma özü də korrupsiya hallarının qarşısının alınması ilə bağlıdır. Korrupsiya hallarını təkcə hansısa bir cinayət elementi deyil, süründürməçilik özü də yarada bilər. Ona görə də hazırda ölkəmizdə işdən azad olmadan tutmuş cinayət tərkibinə qədər həyata keçirilən tədbirlər korrupsiya hüquqpozmalarının tərkib hissəsidir.
Hörmətli Elmira xanım konkret bir sual ünvanladı. Bu qanuna görə “pasport” deyəndə nə nəzərdə tutulur? Elton müəllim bir sıra məsələlərə aydınlıq gətirmişdi. “Nəqliyyat haqqında” Qanunun qüvvəyə minməsi ilə bağlı Nazirlər Kabinetinin qərarı var. Həmin qərarda konkret göstərilir ki, avtobaza fəaliyyəti ilə məşğul olmaqdan ötrü pasport verilməlidir. Burada “pasport” deyiləndə həmin sənəd nəzərdə tutulur. Avtovağzalların kateqoriyasından – yəni qəsəbə avtovağzalı, şəhər avtovağzalı, rayon avtovağzalı kimi kateqoriyalardan asılı olaraq həmin pasportlar verilir. Məlumat üçün bildirmək istəyirəm ki, pasportun verilməsinə görə hər hansı bir dövlət rüsumu nəzərdə tutulmamışdır.
Hörmətli Ziyafət müəllim, bu layihənin meydana çıxmasının səbəbi nə olub? “Nəqliyyat haqqında” Qanun qüvvəyə mindikdən sonra, 2009-cu ildə Nazirlər Kabinetinin 114 saylı “Sərnişin və baqaj daşıma qaydaları” qərarı təsdiq edilmişdir. Hər bir deputat bununla tanış ola bilər. Faktik olaraq bütün yeni müddəalar, yəni 150-2, 150-3, 150-4 və 150-5-ci maddələrdəki bütün müddəalar Nazirlər Kabinetinin müvafiq qaydalarından irəli gəlir. Məsələn, siqaret çəkilməsinə qoyulan qadağa ilə bağlı qaydada konkret göstərilib. Bu gün həmin qayda qüvvədədir, düzdür, pozulur, tətbiq olunmur. Tətbiq olunsun deyə, İnzibati Xətalar Məcəlləsində dəyişiklik edirik. Konkret göstərilir ki, sərnişin avtobuslarında siqaret çəkmək qadağandır. Taksilər üçün müəyyən olunub ki, əgər sərnişin icazə verərsə, qarşılıqlı razılaşma halında taksi sürücüsü siqaret çəkə bilər.
Qaydalar mövcuddur, amma tətbiq olunmur. Buna görə də İnzibati Xətalar Məcəlləsində bu qaydaların pozulmasına görə məsuliyyət nəzərdə tutulur. Ona görə qeyd etmək istəyirəm ki, 150-2.1-ci maddəni biz buradan heç cür çıxara bilmirik, çünki qaydadan irəli gəlir. Həmin maddəni çıxarsaq, onda çoxlu sayda digər müddəalar da ola bilər. Amma eyni zamanda, millət vəkillərinin, parlamentin ictimai yerlərdə siqaret çəkilməsinə qadağa qoyulması ilə bağlı təklifləri və bununla bağlı layihə müzakirə oluna bilər.
Həmin qaydalarda konkret olaraq göstərilib ki, sərnişin özü ilə hansı çəkidə baqaj apara bilər. Hava nəqliyyatında da bunlar müəyyən olunub. Bu gün onlar pozulur. Əgər biz söyləsək ki, təkcə inzibati cərimələrin tətbiqi ilə bütün problemlərin qarşısını ala bilərik, əlbəttə, bu düz olmaz. Bu gün ölkə Prezidenti tərəfindən təklif olunan müddəalar bunun bir elementidir. Əlbəttə, bütün digər sahələrdə olduğu kimi, o cümlədən nəqliyyat sahəsində islahatlar davam etdirilməlidir. Mən keçən dəfə bu barədə fikrimi söyləmişdim. Hazırda baş verən pozuntuların qarşısını almaqla bağlı bir neçə qurum fəaliyyət göstərir: “Azəravtonəqliyyatservis”, “Azərnəqliyyatekspedisiya” və sair. Bu qurumların fəaliyyətində pozuntular kifayət qədərdir. Keçən dəfə söylədim, aralarında cinayət məsuliyyətinə cəlb olunanlar da var. Bu qaydaları tətbiq edən orqanlar fəaliyyətlərini doğrultmayıblar. Düşünürəm ki, ümumiyyətlə, bu qurumlar ləğv olunmalıdır. Başqa bir yeni qurumun yaradılmasına ehtiyac ola bilər.
Elmira xanım düzgün söylədi, sürücü mədəniyyəti olmalıdır. Nə qədər ki bu sahədə azad rəqabət, bazar iqtisadiyyatının bütün qaydaları tətbiq edilmir, problemlər olacaq. Bizim bu gün müzakirə etdiyimiz məsələ böyük sistemin çox vacib bir elementidir. Müasir dövlətdə müasir nəqliyyat sisteminin tənzimlənməsi, işləməsi vacibdir. Biz İnzibati Xətalar Məcəlləsinin müddəaları ilə həmin sahədə baş verən pozuntuların qarşısını almaq istəyirik, amma bu tək bir elementdir. Digər bütün elementlər komplekt olaraq həyata keçirilərsə, bu sahədə islahatlar davam etdirilərsə, arzuladığımız nəticəyə, yəni müasir bir dövlətin nəqliyyat sisteminin yaradılmasına tam nail ola bilərik.
Bütövlükdə layihə ilə bağlı mübahisəli bir məsələ qalmayıb. 163-cü maddə ilə bağlı vurğulamaq istəyirəm ki, bu maddənin sanksiyasında hüquqi şəxslərə münasibətdə məsuliyyət nəzərdə tutulur. Bu maddəni oxuyuram: “Avtomobil yollarında yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulması”. Məsuliyyət də kifayət qədərdir, söylədim. Amma eyni zamanda, avtomobil yollarında yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulması üçün məsuliyyət nəzərdə tutulur. Oxşar digər maddə 164-cü maddədir. Orada da kifayət qədər ciddi sanksiyalar nəzərdə tutulur. Amma buna baxmayaraq, 163-cü maddə ilə bağlı irəli sürülmüş təkliflər qanunvericilik təşəbbüsü subyekti ilə bir daha müzakirə olunacaq. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun, Əli müəllim. Çox maraqlı, geniş məlumat verdiniz. Burada bir-iki məsələ qaldı. Mən də bunlar haqqında danışmaq istəyirəm. Çingiz müəllim bir məsələ qaldırmışdı. 150.2.1.5-ci maddə ilə bağlı Çingiz müəllim soruşurdu ki, aparılmasına yol verilməyən əşyalar hansılardır? Mən bilmirəm, hazırda bununla əlaqədar Nazirlər Kabinetinin qərarı var, ya yox?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Həmin əşyaların siyahısı var. Çingiz müəllim, Nazirlər Kabinetinin qərarında göstərilib. Göstərilməyən məsələlər varsa, sözsüz, bu qanun qüvvəyə minəndə cənab Prezidentin xüsusi fərmanı olacaq, həmin fərmanda Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalar, yaxud 150.2.1.8-ci maddə ilə müəyyən edilmiş tələblər göstəriləcəkdir. Həmin tələblər də Nazirlər Kabinetinin qərarı ilə müəyyən olunur. Siz təklif etdiniz ki, Nazirlər Kabinetinin adı buraya yazılsın. Bu bizim əvvəlki qanunvericilik praktikamızda olub, amma 93-cü maddəyə görə biz icra hakimiyyətinin adını buraya yaza bilmərik. Cənab Prezidentin qanunun tətbiqi ilə əlaqədar imzalayacağı fərmanda bu məsələlər hamısı tənzimlənəcək. Hamınıza təşəkkür edirəm. Buyurun, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 17.17 dəq.)
Lehinə 96
Əleyhinə 3
Bitərəf 1
Səs vermədi 1
İştirak edir  101
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədədir. Ziyad Səmədzadə, buyurun.
Z. Səmədzadə. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Kifayət qədər ətraflı müzakirə oldu. “Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əlavə edilir. 9-cu maddə belə adlanır: “Hava limanları və aerodromlar”. Bu maddədə Azərbaycanda fəaliyyət göstərən hava limanları və aerodromlarla əlaqədar olan bütün məsələlər öz əksini tapıb. Yəni  məsuliyyəti, mülkiyyəti, vəzifələri tamamilə aydın şəkildə yazılıb. Təklif olunur ki, 9.11-ci maddə əlavə edilsin. “Aviasiya haqqında”, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının qanunlarını və normativ aktlarını nəzərə alaraq hava limanlarında sərnişinlərin gediş-gəliş yerlərində, baqajların və yüklərin yoxlanılma məntəqələrində sərnişinlər üçün yaxşı görülən yerlərdə gətirilməsi və ya aparılması qadağan edilən və ya məhdudlaşdırılan əşyaların siyahısı yerləşdirilməlidir.
Bu məsələnin nəzərə alınması cənab Prezident tərəfindən həyata keçirilib. Yəni cənab Prezident dünya təcrübəsinə əsaslanaraq hava nəqliyyatında təhlükəsizliyin təmin edilməsi ilə əlaqədar bu təklifi irəli sürmüşdür. Hesab edirik ki, sərnişinlər üçün yaxşı görünən yerlərdə həmin əşyaların adlarının yazılması vacib məsələdir. Məsuliyyəti, eyni zamanda, təhlükəsizliyi artırır. Mən millət vəkillərindən xahiş edirəm ki, bu qanun layihəsinə müsbət münasibət bildirsinlər.
Sədrlik edən. Çox sağ olun, Ziyad müəllim. Bilmirəm, bu qanun layihəsinin geniş müzakirəsinə ehtiyac varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Siyavuş müəllim deyir ki, var. Siyavuş Novruzov, buyurun.
S. Novruzov. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Vacib olan qanun layihələrindən biri də elə budur. Hesab edirəm, biz bunu qəbul edib, dünya ölkələrində artıq çoxdan mövcud olan bir praktikanı Azərbaycanda tətbiq etməliyik ki, hər bir vətəndaş gətirdiyi əşyanın məsuliyyətini dərk etsin. Bunu sərnişindən alan hər hansı bir məmur və yaxud da dövlət qulluqçusu öz məsuliyyətini bilsin. Əşyanı götürəndə yazılı şəkildə protokol tərtib edilməlidir ki, sabah məhkəmə araşdırmasında onun əlində xüsusi sənəd olsun. Çox vacib qanun layihələrindən biridir.
Amma Ziyafət müəllim, bu məsələ ilə əlaqədar mənim bir iradım var. Birinci, bu qanun layihəsi gündəlikdəki 3, 4, 5-ci məsələlərlə əlaqədardır. Bunların bir hissəsi nəqliyyat sektoruna aid olan məsələlərdir. Adətən, bu məsələlər İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir, amma bilavasitə nəqliyyat sektoruna bağlı bir məsələdir. Milli Məclisin iclasında bu məsələlər müzakirə olunanda nəqliyyat sektorundan bir nəfər də nümayəndə iştirak etmir. Bəlkə həmkarlarımızın bir sualı var? Aviasiya ilə bağlı qanun qəbul edirik, həmin sahənin nümayəndəsi gəlib burada oturmalıdır. Elə məsələlər var ki, Əli müəllimin səlahiyyətinə aid deyil. Əli müəllim nə cavab verəcək? Aidiyyəti strukturların nümayəndələri iclasda olmalıdırlar. Bizim 10 ildən artıqdır ki, belə bir ənənəmiz mövcuddur. Mən təəssüf edirəm ki, bu gün səlahiyyətli nümayəndələrin heç biri burada iştirak etmir. Bununla əlaqədar azdan-çoxdan Elton müəllim məlumat verdi. Bir sıra deputatların qaldırdıqları suallar onun çıxışında öz cavabını tapdı. Ola bilər, elə məsələlər var ki, biz bilmirik, amma həmin sahənin mütəxəssisi bunlara aydınlıq gətirə bilər. Bu mənim qanun layihəsi ilə bağlı fikrimdir.
Bir neçə kəlmə də, yeri gəlmişkən, aviasiya, ümumiyyətlə, hava limanı ilə bağlı fikirlərimi söyləmək istəyirəm. Burada bir neçə, yəni 7 deputatın seçicilərinin bir yolu var, o da hava yoludur. Onlar Naxçıvan Muxtar Respublikasından seçilmiş deputatlardır. Onların daim qarşılaşdıqları problemlər digər seçicilərin problemlərindən fərqlidir. Mütəmadi olaraq bu seçicilərdən bizə müraciətlər daxil olur. Bu müraciətlərdən biri də nədən ibarətdir? Baxmayaraq ki, Azərbaycan çox inkişaf edib, yeni yollar çəkilir, körpülər tikilir, infrastruktur tamamilə yeniləşir, bunlarla yanaşı çox qəribə bir vəziyyət yaradılıb. Bilmirəm, hansı orqan bunu edib? Hava limanından şəhərə avtobus işləmir. Vətəndaş Naxçıvan Muxtar Respublikasında bilet alır, təyyarəyə minir, gəlib düşür Bakı şəhərinə. Bakı şəhər hava limanından müvafiq mənzilə çatmaq, qohumunun, qonşusunun evinə, yaxud öz evinə getmək üçün mütləq taksidən istifadə etməlidir.
Burada dünyanın müxtəlif ölkələrində olan deputatlarımız çoxdur. Avropa Şurasının, ATƏT-in tədbirlərinə gedənlər çoxdur. Ziyafət müəllim, Sizinlə birlikdə NATO-nun tədbirlərində, Avropa dövlətində olmuşuq. Hətta bəzi ölkələrdə bunu pulsuz həyata keçirirlər. “Şattl” deyilən vasitə var, avtobus və ya tramvay, trolleybus hava limanından insanları müvafiq yerlərə çatdırır və buradan da insanlar müxtəlif istiqamətlərə gedirlər. Bu gün Azərbaycan vətəndaşı istər Moskvadan, istər Ərdəbildən, istərsə də Naxçıvandan gəlsin, hava limanında taksiyə minməyə məcburdur. Nədən ötrü belədir, bu kimə sərf edir? Mən deyə bilmərəm. Həmin orqanın nümayəndəsi yoxdur ki, bu sualları ona verək. Oqtay müəllim də, yəqin ki, məsələləri eşidir, dinləyir, xahiş edirəm, məsələ qaldırılsın və qısa müddətdə öz həllini tapsın və vətəndaşlarımızın rahatlığı təmin edilsin.
Bilirsiniz, keçmişdə “Aerokassa” deyilən yerdən aeroporta nəqliyyat vasitəsi işləyirdi. Özü də hər 20 dəqiqədən bir gedirdi, gəlirdi, sərnişinləri daşıyırdı. Sərnişinlərin hüquqlarının müdafiəsi baxımından, hesab edirəm ki, bu məsələ öz həllini tapmalıdır. İkinci tərəfdən, axşam vaxtları da taksilər qiyməti bir az da qaldırır. Bilmirəm, gecə vaxtı yol uzanır, ya nə olur, bunlar nədən irəli gəlir? Bəzi hallarda axşam vaxtı Naxçıvandan Bakıya uçmaqla aeroportdan şəhərə gəlməyin qiyməti eyni çıxır. Bu məsələ öz həllini tapmalıdır.
Digər bir məsələ həm həmkarlarımı, həm də vətəndaşlarımızı narahat edən bir məsələdir. Dünyanın bir çox yerlərində, təbii ki, pullu yollar var. Bu yolu çəkiblər, istəyirsən, həmin yolla get, istəmirsən, başqa yolla gedə bilərsən. Aeroporta çatmamış girişdə sədd düzəldiblər ki, pul verməlisən, keçməlisən. Mən aeroportun içərisinə girmirəm, gedirəm uzaqdan baxmağa. Hansı əsasla mən orada pul verib keçməliyəm? Yaxud da taksi sürücüsü gəlib oradan bir sərnişin götürməyə, taksisini aeroportun qarajında saxlamır ki, pul ödəsin. “AZAL” şirkəti və yaxud da digər bir şirkət Əzizbəyov metrosundan aeroporta qədər xüsusi yolunu çəkməyib ki, desin: bu yolla gəlmisən, mütləq oradan keçəndə pul ödəməlisən və sair.
Bu, dövlət vəsaiti ilə həyata keçirilən məsələdir. Dövlətin vəsaiti də vətəndaşların verdikləri vergilərin hesabına formalaşan büdcədən ayrılır. İnsanların hesabına kimsə orada özünə vəsait toplayacaq? Mən neçə dəfə baxmışam, oraya daxil olan vəsaitlərin heç biri büdcə daxilində göstərilmir. Yaxşı, onda bu haraya gedir? Bu məsələ ciddi şəkildə qoyulmalıdır. Biz vətəndaşlarımızın hüquqlarını müdafiə etməliyik. Əgər avtomobilini bir saat, beş saat dayanacaqda saxlayacaqsa, orada da pul ödəsin. Əgər bu adam sərnişini düşürürsə, yaxud da tamaşa eləməyə gəlirsə, nədən pul ödəməlidir? Bu hansı əsasla yazılıb, hansı qanunda göstərilib? Heç bir qanunda göstərilməyib. Ona görə xahiş edirəm ki, hər iki məsələ qaldırılsın və cəmiyyətin, insanların bizə göndərdikləri təkliflər öz həllini tapsın. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Siyavuş müəllim. Hörmətli çıxış eləyənlərdən bir xahişim olacaq. Mümkünsə, bir az qısa danışaq, çünki bizim bir qanun layihəmiz də var. Layihədəki bir çox məsələlər aydındır. Ona görə şərhləriniz bir az qısa olsun. Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli Siyavuş Novruzovun dediklərini birmənalı şəkildə müdafiə edirəm və hesab edirəm ki, buradakı millət vəkillərinin hamısı da bunu müdafiə etməlidir. Elə bu gün Milli Məclisin rəhbərliyi müvafiq strukturlarla əlaqə yaradıb belə bir qanunsuzluğu aradan qaldırmalıdır. Avropanın heç bir ölkəsində aeroportun ərazisinə girməyə görə pul yığılmır. Mənə indi dedilər, mən maraqlandım, Avropada mən görməmişəm, dedilər, guya hansısa geri qalmış müsəlman ölkələrinin birində belə bir şey var. Biz də Avropaya inteqrasiya edirik və özümüzü normal bir ölkə sayırıq.
Bu təkcə pul məsələsi deyil, həm də ölkəmizin imici məsələsidir. Xaricilər gəlib-gedirlər. Bu nədir? Mən şəxsən özüm orada 7 dəqiqə dayanıb gözləmişəm. Söhbət təkcə alınan puldan getmir. Nə vaxt mənim növbəm çatacaq, sürücü kağızı götürəcək? Belə biabırçılıq olar? Svetoforların yanında dilənçilər gəlib dayanırdılar sürücülərin qarşısında, əllərində əski ilə maşının şüşəsini silirdilər, 1 manat yığırdılar. Bu da ona bərabər bir şeydir. Yalnız bunu bir az formaya salıblar, orada bir qapı düzəldiblər. Əslində, nədir? Orada, svetoforun qabağında camaatın qarşısını kəsib 1 manat almaq dilənçiliyin başqa bir formasıdır. Polis bunları qaralayır, amma digərlərini qaralamır. Mən hesab edirəm ki, Siyavuş Novruzov çox ciddi məsələlərə toxundu, bunlar aradan qaldırılmalıdır.
Oqtay müəllimin də məlumatı olsun. Mən təkrar edirəm, dünyada yeganə ölkəyik ki, aeroporta avtobus işləmir. Bunun səbəbi də çox sadədir. Bir aydınlaşdırın görün, aeroporta buraxılan taksilər kiminkilərdir? Oraya başqa taksi də buraxılmır. Belə olmaz axı. Burada da inhisar var? Bu nə biabırçılıqdır? Vətəndaş 50 manat verib Naxçıvandan, Siyavuş Novruzovun dediyi kimi, Bakıya gəlir, Bakıda da məcburdur ki, taksiyə 20 manat versin. Biz özümüz Prezidentə müraciət etdik, Naxçıvan sakinlərinin adından xahiş etdik ki, təyyarə biletlərinin qiymətini aşağı salsınlar. Biletin qiymətini 25 manat aşağı saldılar, həmin pulu burada taksilər tutub alırlar. Mən tamamilə bu fikirlə şərikəm ki, Milli Məclis də ölkədə nizam-intizamın yaradılması prosesində iştirak etməlidir və heç bir vəzifəli şəxsin tutduğu vəzifədən sui-istifadə etməsinə, dolayı yollarla əlavə pul qazanmasına imkan verməməlidir. Mən söyləyirəm ki, bu həm də ölkəmizin imici məsələsidir. Ümid edirəm ki, bu məsələyə diqqət yetiriləcək.
Əlavə edilən maddənin birinci abzasında qeyd olunub ki, Azərbaycana gətirilən əşyaların siyahısı lövhədə yerləşdirilməlidir. Təkcə gətirilən yox, həm də çıxarılan, çıxarılmasına qadağa qoyulan əşyaların siyahısının lövhələrdə yerləşdirilməsi doğru olar. Vətəndaş bilsin ki, Azərbaycandan xaricə gedəndə bu əşyaları özü ilə aparmamalıdır. Belə əşya olarsa, gömrük nəzarət postuna daxil olana qədər bunu müşayiət edən şəxsə və ya başqasına versin. Diqqətinizə görə sağ olun.

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir

Sədrlik edən. Sağ olun. Fazil Mustafa.
F. Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən prinsipcə bu qanuna edilən əlavəni müsbət qarşılayıram. Çox ciddi müsbət dəyişikliklər var. Məndən əvvəl çıxış edən deputat həmkarlarımın da fikirlərini bölüşürəm, xüsusilə də Siyavuş Novruzova ilk dəfə bu cür konstruktiv, gözəl çıxışına görə də təşəkkür edirəm.
Bu qanun layihəsində, həqiqətən də, bir sıra müddəalar nəzərdə tutulub. Hesab edirəm ki, burada bir az dəqiqləşdirmələrə ehtiyac var. Birinci növbədə məhdudlaşdırılan, qadağan edilən əşyaların siyahısının lövhələrdə yerləşdirilməsi məsələsinə diqqət yetirmək lazımdır. Məncə, burada həmin lövhələrin hamının görə biləcəyi yerdə yerləşdirilməsindən söhbət gedir. Çox zaman sərnişinlər, bu xidmətdən istifadə edənlər bundan məlumatsız qalırlar. Onlar üçün nəyin isə siyahıda qeyd olunduğunu sübut etmək çox çətin olur. Bir də bunların sayı məsələsində problemlər olur. Vətəndaş ikinci telefonu alırsa, telefon müsadirə olunur. Bir adam satış üçün yox, telefonun birini də kiməsə hədiyyə kimi gətirə bilər. Bunun qarşısını almaq qanunsuzdur. Bu məsələlərə də diqqət yetirilməsi vacibdir.
Mühüm məsələlərdən birinə toxunmaq istəyirəm. Burada vətəndaşa xidmət edən, bütün kateqoriyadan olan insanlara faydalı xidmət göstərə biləcək bir qanunun tənzimlənməsindən söhbət gedir. Heç müsəlman ölkələri olmayan Avropa ölkələrinə baxın. Azərbaycanda İslam dini hamımızın qəbul etdiyimiz dindir. Avropanın hava limanlarında ibadət otaqları var. Çayxanası da, barı da, başqa yerləri də olsun, istər VİP salonda, istərsə də ümumi yerdə inanclı vətəndaşlar üçün də müəyyən otaqlar ayrılsın. Bizim məscid hava limanından bir kilometr aralıdadır. Bu, görüntü üçün tikilməyib ki. Ərəb ölkələrindən, Avropadan, Türkiyədən insanlar gəlirlər. İstanbul hava limanının VİP salonunda olanda görürük, insanlar orada rahatca ibadətlərini həyata keçirə bilirlər. Azərbaycanda bu yoxdur. Bəlkə başqaları bunu bir az fərqli qarşılayar, amma bu xidmətdən bütün kateqoriyadan olan insanlar istifadə edirlərsə, onların hamısının ən azı Avropada olduğu səviyyədə nəzərə alınması vacibdir. Bu həm də öz dinimizə hörmətimizi, mədəni ölkə olduğumuzu göstərməyimiz üçün vacibdir. Ona görə də bu məsələyə diqqət yetirilməsini vacib hesab edirəm.
Mən də düşünürəm ki, hava limanında qanunsuz vəsaitlərin yığılması məsələsi gündəmdən çıxarılmalıdır. Həqiqətən də, insanlara başqa ölkələrdə rastlaşdığımız xidmətlərin eynisi olmasa da, ən azı bunları imitasiya eləyən, ona uyğun olan xidmətlər göstərilməsi vacibdir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Zahid Oruc. 
Z. Oruc. Təşəkkür edirəm, cənab Sədr! Mən birinci növbədə həmkarlarımın çox dəyərli mövqelərini bölüşürəm. Siyavuş Novruzovun mənim müdafiəmə ehtiyacı yoxdur, amma hesab edirəm ki, milli mənafelərlə bağlı məsələlərdə hörmətli həmkarımızın həmişə çox stabil, son dərəcə ciddi mövqeyini görmüşük. Bu məsələdən danışarkən biz bir məqamı xüsusi vurğulamalıyıq. Bu, bilavasitə antikorrupsiya fəaliyyəti çərçivəsində irəliyə sürülmüş dəyişikliklərdir. Nədənsə biz bundan çox az bəhs etdik.
Mən çox yaxşı xatırlayıram, ulu öndərin zamanında hava limanında baş verən ayrı-ayrı pozuntulara, haqların tapdalanmasına, xarici vətəndaşlara göstərilən sayğısızlığa, ölkənin beynəlxalq sifətinin çirklənməsinə yönələn ayrı-ayrı addımlara həsr olunmuş böyük bir müşavirədə ulu öndər sərhəd qoşunlarının keçmiş komandanı Abasəli Novruzova üzünü tutaraq belə bir fikir söyləmişdi: “Bu şəxs yapon terrorçusu idi, yoxsa cani idi, yoxsa təhlükəli bir adam idi ki, siz ona qarşı bu cür davranışlar göstərirsiniz?” O dövrdə bəlli olmuşdu ki, təxminən yeddiyə yaxın qurum hava limanında öz biznesini qurubdur.
Mən hesab edirəm ki, hava limanı, həqiqətən də, bizim vizit kartımızdır, sifətimizi, simamızı birinci addımda göstərən yerdir. Nədən bu sfera daha çox diqqət mərkəzindədir? Yolu, infrastrukturu, hər sahəsi maraq doğurur? Çünki ölkənin birinci təqdimatı oradan başlayır. Ölkədən çıxanda da, ölkəyə daxil olanda da oraya üz tuturuq. Ona görə də mən hesab edirəm ki, bu müddəalar, həqiqətən də, qanunsuz bir fəaliyyətə son verilməsi üçün nəzərdə tutulmuşdur. Bununla bərabər onu da deməliyik ki, cənab Prezidentin antikorrupsiya fəaliyyəti çərçivəsində birinci inzibati tədbirlər, digər iqtisadi mexanizmlər, o cümlədən hüquqi müstəvidə addım atmaq istəyindən doğan məsələlərdir.
Yeri gəlmişkən, çox qısa olaraq bu mövzu ətrafında bizim mediada, cəmiyyətdə dartışılan ayrı-ayrı problemlərə də münasibətimi bildirmək istəyirəm. Birinci, çox səmimiyyətlə deyirəm, ayrı-ayrı insanları bu məsələ ilə bağlı iblis elan etmək, kimisə mələk qiyafəsində görməyi tam artıq sayıram. Ölkədə problem müəyyən bir səviyyəyə qədər inkişaf edibsə, hamımızın bu və ya digər şəkildə aidiyyəti və ya günahı var. Bu dəqiqdir. Ona görə də heç kim özünü bu məsələdə mələk kimi aparmasın.
İkinci, bu mübarizənin başlıca qayəsi o deyil ki, hər kəsin pulunun nə qədər şəffaf, təmiz olduğu ortaya çıxsın. Buna can atsaq, çox problemlər meydana çıxa bilər. Dünyada da belə bir praktika yoxdur. Məsələ çirkli pulların leqallaşdırılması üçün amnistiya verilməsində də deyil. Həmin mübarizənin başlıca hədəfi ictimai halallıq, şəffaflıq yaratmaqla bərabər, iqtisadiyyatı hər cür maneələrdən, “kölgə iqtisadiyyatı” adlanan amillərdən xilas eləməkdir.
Üçüncü, bunu xarici küləklərə, siyasi sunamilərə bağlamağın da bir adı yoxdur. Mən xatırlayıram, 2003-cü ildə Gürcüstanda eyni hadisələr fonunda ayrı-ayrı qüvvələrin sevincək münasibətini görmüşdük. Sonra Ukraynada Yuşşenko ilə eyni şərflə çəkdirdikləri şəkilləri mediaya çıxardılar ki, bu onları hakimiyyətə gətirəcək. Sonra, İndoneziyada Suxartu hakimiyyətdən gedəndə də eyni ahəngi, eyni davranışları görmüşdük. Bu, Azərbaycanın daxili iradəsindən, problemin əsl miqyasını görməkdən irəli gələn mövqedir. İctimai münasibətlər sistemində də bu özünə yer alıb. Mən bunu da səmimiyyətlə deyirəm. Əgər bir şair, yazıçı öz yazısını yazarkən dövlətdən ev umursa, cinayət edən vəzifəli məmurdan onun nə fərqi var? Çox şairlər və yazıçılar tanıyıram ki, övladlarını ən yaxşı yerə işə düzəltmək üçün xahiş edirlər. Onların fərqi nədir ki?
Sədrlik edən. Zahid müəllim, xahiş edirəm, gündəlikdəki məsələdən danışın, tamam başqa istiqamətə gedirsiniz.
Z. Oruc. Oqtay müəllim, icazə versəniz, çıxışımı sona çatdıraram. Bu mübarizənin başlıca hədəfi həmin pulların ölkənin iqtisadiyyatına yönəldilməsidir. Burada partiya nümayəndələrindən İqbal müəllimin səsini eşidirəm. Bilmirəm, hansı reaksiyanı verir? Amma sizə bir söz söyləyim, korrupsiyaya qarşı mübarizə həm də partiyalardan keçməlidir. Əgər bu mübarizə sona qədər aparılsa, bir çox partiyaların, o cümlədən ayrı-ayrı mediaların qapısına gərək qıfıl vuraq. Onlar birbaşa korrupsiya mənbəyidir, amma elə qışqırırlar ki, sanki mələkdirlər. Keçmişdə parlamentin üzvü, indi müxalifətdə olan şəxslər var. Mən heç qrand maxinatorlarından, xarici pullardan danışmıram. Onu demək istəyirəm ki, bu məsələdə dövlətin mövqeyini cəmiyyət müdafiə edir. Bax, bu dəqiqdir. Burada hər kəs özündən başlayaraq yeni səhifənin açılması üçün addımlar atmalıdır. Bu qanun ona xidmət edəcək, mən onun qəbul olunmasına səs verəcəyəm.
Sədrlik edən. Sağ olun. Qanun layihəsi qaldı bir tərəfdə, bütün məsələlərdən danışdınız. Siyavuş Novruzov, Qüdrət Həsənquliyev çıxış edib dedilər. Məsələ qaldırılıbsa, deməli, aydınlaşdıracağıq. Mən sizinlə tam razıyam ki, hava limanına gedib-gəlmək üçün ictimai nəqliyyat məsələsi öz həllini tapmalıdır. Amma məsələni araşdırmamış orada “korrupsiya var” demək bizə yaraşmır. Əsası olmadan, kökünü bilmədən danışmaq düzgün deyil. Əgər çıxış üçün yazılanlar etiraz etmirlərsə, vaxtımız azdır, məsələni səsə qoyaq.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Hikmət Atayev.
H. Atayev. Çox sağ olun, Oqtay müəllim. “Aviasiya haqqında” Qanuna bu gün əlavələr edirik. Mən də təəssüf edirəm, iclasda aviasiyadan nümayəndə iştirak etmir ki, burada deyilən sözlərə ya cavab versin və ya izah eləsin. Mən bir məsələ ilə əlaqədar diqqətinizi cəlb etmək istəyirəm. Bu qanuna edilən əlavədə lövhələrin vurulması ilə əlaqədar müddəalara mənim heç bir etirazım yoxdur, mən də buna səs verəcəyəm. Zaqatalada, bilirsiniz ki, hava limanı var. Ancaq mən hesab edirəm ki, Zaqatala limanında bu lövhələrin vurulmasına, ümumiyyətlə, heç bir ehtiyac yoxdur. Ona görə ehtiyac yoxdur ki, həmin Zaqatala reysi ilə uçan adamların sayı bəlkə də 1 və ya 2 olur. Bunun səbəbi nədən ibarətdir?
Səbəbi, birinci, Siyavuş müəllimin dediyi kimi, aeroporta getmək üçün 20 manat vermək lazımdır. Buna camaatın imkanı yoxdur. İkinci tərəfdən, biletlərimizin qiyməti, Zaqatala–Bakı bileti 52 manatdır. İndi gəlin, adi bir hesablama aparaq. Əgər təyyarə buradan oraya uçursa, eyni yanacağı işlədir, təyyarəyə eyni xidmət göstərilir, təyyarənin pilotu, stüardessası, şturmanı işləyir. Bütün bu xərclər çəkildikdən sonra bir-iki sərnişin bileti 52 manatdan alırsa, 120 manat gəlir gətirəsidir. Əgər bu biletin qiyməti, məsələn, 25–30 manat olsa idi, sözsüz, 50 yerlik təyyarə təxminən 1200–1500 manat gəlir gətirə bilərdi. Bunu hesablamaq çətin bir iş deyil. Burada liman varsa, təyyarə buraya uçursa, mənə elə gəlir ki, bunun qiymətini elə uyğunlaşdırmaq olardı ki, həm əhaliyə, həm də aviasiyaya xeyri dəysin. Sağ olun.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirəsiniz.

Səsvermənin nəticələri (saat 17.44 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir  103
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Sonuncu məsələ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavə edilməsi barədə qanun layihəsidir. Buyurun, Əli Hüseynli.
Ə. Hüseynli. Çox sağ olun, hörmətli cənab Sədr. Həmkarlarım, əslində, haqlıdırlar ki, bu məsələ yəqin daha tez müzakirə olunmalıdır, çünki öncə müzakirə etdiyimiz “Aviasiya haqqında” Qanuna etdiyimiz əlavənin ikinci, üçüncü və dördüncü bəndləri ilə təqdim etdiyim layihə üzvi surətdə bağlıdır. Burada konkret göstərilib ki, həmin lövhələr yerləşdirilməlidir. Belə əşyaların qanunsuz olaraq götürülməsinə görə məsuliyyət daşıyan şəxslər inzibati məsuliyyətə cəlb edilirlər və ən nəhayət, protokol tərtib olunmalıdır.
“Aviasiya haqqında” Qanunun müddəalarının pozulmasına görə isə İnzibati Xətalar Məcəlləsində məsuliyyət nəzərdə tutulur. Millət vəkilləri qanun layihəsi ilə tanış olublar. Qeyd etmək istəyirəm ki, əlavə edilən maddə birinci və ikinci hissədən ibarətdir. Qadağa qoyulan əşyaların inzibati protokol tərtib edilmədən qanunsuz olaraq götürülməsinə görə məsuliyyət nəzərdə tutulur. Əslində, qadağa qoyulub, amma buna baxmayaraq, protokol tərtib olunmur.
İkinci halda isə qadağa qoyulmayan əşyaların qanunsuz olaraq götürülməsinə sanksiyalar tətbiq olunur. Birinci hissədə vəzifəli şəxslər üçün 2000 manatdan 3000 manatadək, ikinci hissədə isə 3000 manatdan 4000 manatadək miqdarda cərimə nəzərdə tutulur.
Gördüyünüz kimi, bu sanksiyalar kifayət qədər ciddidir. Aydındır ki, vəzifəli şəxs tərəfindən belə bir xəta törədilirsə, bu çox ciddi inzibati xəta sayılacaqdır. Hesab edirəm ki, sərhəd-keçid məntəqələrində belə halların həm Azərbaycan vətəndaşları, həm də əcnəbilərlə bağlı baş verməsi bütövlükdə bizim imicimizə xələl gətirir. Bu baxımdan həmin sanksiyaların belə ciddi olması təqdirəlayiqdir. Çox sağ olun.
Sədrlik edən. Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Çox sağ olun, cənab Sədr. Qanun layihəsi komitənin iclasında müzakirə olunanda da mən fikrimi söylədim. Əvvəllər də Milli Məclisdə məsələ qaldırmışam ki, inzibati tənbeh tədbiri kimi həm də vəzifədən çıxarmaq və müəyyən vəzifə tutmaq, səlahiyyətlər vermək hüququndan məhrum etmək kimi tənbeh tədbiri nəzərdə tutmalıyıq. Bəzən hüquqşünas həmkarlarım söyləyirlər ki, bu, ancaq cinayət məsuliyyəti üçün nəzərdə tutula bilər. Bu ciddi cəza növüdür, məhrumiyyət yaradan bir haldır. Amma bizim Cinayət Məcəlləsində cərimə həm cəza növü kimi, həm də inzibati tənbeh tədbiri kimi nəzərdə tutulur. Bir çox hallarda vəzifəli şəxslərə cərimənin tətbiq olunması özünü doğrultmur, həm də növbəti sui-istifadə hallarına yol açır.
Mən komitədə bu sualı verdim, indi deputat həmkarlarımın qarşısında bu məsələni bir daha qaldırıram. Tutaq ki, vəzifəli şəxs 3000 manatdan 4000 manata qədər cərimə edilir, amma vəzifəsində saxlanılır. Bu vəzifəli şəxs ailəsini nə ilə dolandıracaq? Bizim bir çox vəzifəli şəxslər bu gün ona görə cinayət əməllərinə yol verirlər, qanunları pozurlar ki, aldıqları əmək haqları onları təmin etmir. Bu barədə açıq danışmaq lazımdır.
Mən televiziyada qulaq asırdım. 25 ilin həkimi və şöbə müdiri 150 manat maaş alır. Müəllimlərin orta əmək haqqı təqribən 100–110 manatdır. Amma ölkədə minimum istehlak səbətinin dəyəri 150 manatdır. Belə olduğu halda bu şəxs nə geyinməlidir, kommunal xərcləri necə ödəməlidir, uşaqlarını necə geyindirməlidir, ailəsini necə saxlamalıdır? Sözüm ondadır ki, biz vəzifəli şəxsi 3-4 min manat cərimə edəndən sonra həmin vəzifəli şəxs çalışacaq ki, itirdiyi vəsaiti hansı isə formada çıxarsın. Dediyim kimi, növbəti cinayətlərə yol verəcək.
Əgər biz vəzifədən çıxarmanı inzibati tənbeh tədbiri kimi tətbiq etmiriksə, bunu məcəlləyə daxil etmiriksə, heç olmasa, cərimənin məbləğini bu qədər çox etməyək. Məsələn, aylıq maaşın 50 faizi miqdarında cərimə nəzərdə tutulsun. Həmin vəzifəli şəxs də fikirləşsin ki, bir dəfə qanunu pozdu, maaşının 50 faizini tutdular, maaşının 50 faizi ilə ailəsini bir ay birtəhər dolandırsın. Daha növbəti ayda cinayət eləməsin. 4000 manatadək cərimə onun bir illik orta aylıq əmək haqqından da çox edir. Bir il bu vəzifəli şəxs necə yaşayacaq, necə dolanacaq? Ona görə də mən hesab edirəm ki, bu barədə düşünməliyik. Cərimənin miqdarı həddindən artıq çoxdur. Bunu biz qanun layihəsini göndərən qanunvericilik təşəbbüsü subyekti ilə də razılaşdırmalıyıq. Bu cəriməni maaşın 50 faizi qədər müəyyən edək, ya da, ümumiyyətlə, burada cərimə ilə yanaşı həmin şəxsin tutduğu vəzifədən azad olunması da bir tənbeh tədbiri kimi nəzərdə tutulsun. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Rafael Cəbrayılov.
R. Cəbrayılov. Çox sağ olun, cənab Sədr, təşəkkür edirəm. Nəzərə alaraq ki, iş vaxtımızın sonudur, mən uzun-uzadı danışmayacağam. Layihə çox aktual bir layihədir. Həcmcə kiçik olsa belə, bunun hüquqi yükü çox böyükdür. Mənim bu layihə ilə bağlı yalnız kiçik bir təklifim var. Əlavə olunan 337-ci maddənin dispozisiyası ilə bağlı heç bir təklifim yoxdur, onun yalnız sanksiya hissəsi ilə bağlı bir məqamı vurğulamaq istəyirəm.
Maddənin birinci hissəsində vəzifəli şəxslər üçün 2000 manatdan 3000 manatadək cərimə müəyyən olunub. Amma nəzərə alaq ki, İnzibati Xətalar Məcəlləsinin 25-ci maddəsinə görə vəzifəli şəxslər barəsində inzibati qaydada cərimənin maksimum həddi 10000 manata qədərdir. Adi fiziki şəxslər barəsində isə 3000 manata qədərdir. Ona görə də vəzifəli şəxs barəsində 2000 manatdan 3000 manata qədər cərimənin müəyyən olunmasını mən hüquqi uyğunsuzluq hesab edirəm. Hesab edirəm ki, bu düzgün deyil.
Maddənin ikinci hissəsində birinci hissə ilə müqayisədə daha ağır inzibati xəta törədən şəxs barəsində isə 3000 manatdan, 4000 manatadək cərimənin isə 4000 manatdan 5000 manatadək müəyyən olunmasını təklif edirəm. Birinci hissədə isə, təbii, 3000 manatdan 4000 manatadək cərimə daha yaxşı olardı. Hörmətli Əli müəllim bunu qanunvericilik təşəbbüsü hüququnun subyekti ilə bir daha müzakirə etsə, daha yaxşı olardı. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Astan Şahverdiyev.
A. Şahverdiyev. Çox sağ olun, Oqtay müəllim. Mən də təkliflə çıxış etmək istəyirəm. 337-ci maddənin həm birinci, həm də ikinci hissəsində “aeroport” sözü yazılıb. Bundan əvvəlki dəyişiklikdə isə aeroportu biz “hava limanı” adlandırmışdıq. Yaxşı olardı ki, bu sözlər eyni olsun, daha doğrusu, eyni cür ifadə olunsun. Bildiyimiz kimi, qanun təkcə təklif edənlər və Milli Məclisin üzvləri üçün deyil. Başa düşülən, yəni sadə dildə olmalıdır. Əgər mümkünsə, bu söz dəyişdirilsin. “Aeroport” sözü “hava limanı” sözü ilə əvəz olunsun. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Əli müəllim, buyurun.
Ə. Hüseynli. Çox sağ olun, cənab Sədr. Mən millət vəkillərinə söylədikləri təkliflərə görə təşəkkür edirəm. Astan müəllim, Siz tamamilə haqlısınız, “aeroport” sözünü “hava limanı” sözü ilə əvəz etmək lazımdır.
Fürsətdən istifadə edib, cənab Sədr, demək istəyirəm ki, bu layihədə bir neçə qrammatik səhvlərə də yol verilib, biz onları düzəltmişik, bir stilistik düzəlişə də ehtiyac var. Burada vətəndaşlardan söhbət gedir. Mən çıxışımda qeyd etdim. Bu layihənin məqsədi təkcə vətəndaşlarla bağlı deyil. Hər kəsə, o cümlədən əcnəbilərə, fiziki və hüquqi şəxslərə münasibətdə tətbiq ediləcək.
Rafael müəllimin təklifini də dəstəkləyirəm. Bizim qanunvericilik təşəbbüsü subyekti ilə sanksiyanın artırılması ilə bağlı fikir mübadiləmiz olub. Amma məhz bu kontekstdən yanaşaraq hörmətli Qüdrət müəllimin fikirləri ilə bağlı demək istəyirəm ki, biz komitədə də bu məsələni müzakirə etdik. Biz bu baxımdan fərqli düşünürük.
Birinci, ona görə ki, inzibati sanksiyalar təkcə vəzifəli şəxslərə, hüquqi şəxslərə münasibətdə deyil, fiziki şəxslərə münasibətdə də tətbiq olunur. İnzibati xətanı təkcə dövlət qulluqçuları və yaxud da vəzifəli, yəni dövlətdən əmək haqqı alan şəxslər törətmirlər. Bir tək onlarla müqayisə etmək düzgün olmazdı. Mən hələ onu demirəm ki, aşağı əmək haqqı heç zaman rüşvət almaq, qanunu pozmaq üçün səbəb ola bilməz. Dövlət qulluqçusu və yaxud hər hansı bir hüquq mühafizə və ya gömrük orqanı əməkdaşı işə qəbul olunarkən qabaqcadan bilir ki, orada hansı əmək haqqı var. Ona görə də bu məsələyə birmənalı yanaşma ilə razı deyiləm. Əksinə, hesab edirəm ki, vəzifəli şəxsə tətbiq olunacaq inzibati cəza, cəriməni ödəmək nə qədər ağır olsa, onu belə əməldən çəkindirməlidir. Bu müddəa ilə bağlı konkret söyləyə bilərəm ki, “Aviasiya haqqında” Qanuna edilən əlavədə qeyd olunduğu kimi, gələcəkdə bu əməllərə görə cinayət məsuliyyəti də nəzərdə tutulacaq. Bu inzibati xətanı təkrar-təkrar törədən şəxs cinayət məsuliyyətinə cəlb ediləcəkdir.
Məncə, biz məsələyə bu məntiqlə yanaşmamalıyıq ki, vəzifəli şəxslər əmək haqlarına münasibətdə pozuntulara yol verməlidirlər. Başqa bir misal çəkə bilərəm. İnzibati Xətalar Məcəlləsində çoxlu belə hallar nəzərə alınır. Meşə fondu sahəsində özbaşına ot biçməsinə görə fiziki şəxslərdən 500 manata qədər cərimə tutulur. Nədir? Biz İnzibati Xətalar Məcəlləsini yazanda düşünməliyik ki, qanunsuz ot biçən fermer təsərrüfatı ilə məşğul olan hər hansı bir şəxsin bunu ödəməyə imkanı var, yoxsa yox? Bu qanunvericiliyin mənası ilk növbədə kimi isə cəzalandırmaq deyil, çəkindirməkdir. Cəzaların belə hədləri də çəkindirməkdən ötrüdür. Bunu başa düşməyən vəzifəli şəxs, əlbəttə, həmin vəzifədə çalışa bilməz və bundan sonra o, cinayət məsuliyyətinə də cəlb edilə bilər. Çox sağ olun, cənab Sədr.
Sədrlik edən. Çox sağ olun. Mən birinci məsələyə qayıtmaq, bəzi məsələləri yada salmaq istəyirəm. On il qabaq, hamımızın yadındadır, aeroportdan gələn insanlar Azərbaycanı necə təsəvvür edirdilər? Bir yadınıza salın. Orada təkcə taksi sürücüləri deyil, hər cür insanlar var idi. Hava limanından çıxan insanın üstünə bir 10 nəfər cumurdu. Bu hamının yadındadır. Elədir, elə deyil? Bunu da tənzimləmək lazımdır. Mən demirəm ki, indi dediyiniz məsələləri birləşdirmək lazımdır. “AZAL”ın da nümayəndəsi ilə danışarıq. Ümumi bir qərara gəlmək lazımdır. Hava limanında qayda-qanun olmalıdır. Əsas məsələ isə oraya ictimai nəqliyyatın işləməsidir. Bu məsələ, demək olar ki, bir çox neqativ halların qarşısını ala bilər.
İkinci, Əli müəllimlə tamamilə razıyam. Qanun cəzalandırmağa görə qəbul olunmur. Bu, qanunu pozmaqdan çəkindirmək üçündür. Bu sanksiyaların qalmasına mən də tərəfdaram. Əgər başqa sualınız yoxdursa, xahiş edirəm, qanun layihəsinə münasibət bildirəsiniz.

Səsvermənin nəticələri (saat 17.56 dəq.)
Lehinə 102
Əleyhinə 2
Bitərəf 3
Səs vermədi 0
İştirak edir  107
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi. İclasımız sona çatdı. Sağ olun.

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi