2011-ci il 1 fevral tarixli iclasın stenoqramı

DÖRDÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
II  SESSİYASI  İCLASININ

PROTOKOLU № 6

Milli Məclisin iclas salonu.
1 fevral 2011-ci il.

İclasa Azərbaycan Respublikası Milli Məclisinin
Sədri O.Əsədov sədrlik etmişdir.

İclasda Milli Məclisin 110 deputatı iştirak etmişdir.

Qeydiyyat (saat 12.05 dəq.)
İştirak edir 110
Yetərsay 83

İclasa dəvət olunmuşlar:

Azər Bayramov, Azərbaycan Respublikası maliyyə na-zirinin müavini.
Namiq Xəlilov, Azərbaycan Respublikası Maliyyə      Nazirliyinin Sığorta nəzarəti şöbəsinin müdiri.
Azər Əliyev, Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Azərbaycan Respublikası Milli Məclisinin 2011-ci il yaz sessiyasının qanunvericilik işləri planı haqqında.
2. Azərbaycan Respublikası Milli Məclisi İntizam        komissiyasının  yenidən təşkil edilməsi haqqında.
3. Azərbaycan Respublikası Milli Məclisi Hesablayıcı komissiyasının yenidən təşkil edilməsi haqqında.
4. “Xəzər dənizində təhlükəsiz əməkdaşlıq haqqında”   Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası   qanununun layihəsi haqqında.
5. Azərbaycan Respublikası, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Rusiya Federasiyası və Türkmənistan Prezidentlərinin Birgə Bəyanatının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
6. “Azərbaycan Respublikası Hökuməti və İtaliya         Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan       Respublikası qanununun layihəsi haqqında.
7. “Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslər üçün vizaların ləğv edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
8. “Azərbaycan Respublikası və Portuqaliya Respublikası arasında diplomatik, xidməti və xüsusi pasportlara malik şəxslər üçün vizaların ləğv edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
9. “Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında mülki müdafiə, fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
10. “Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Katibliyinin, onun heyətinin və Müşavirə üzvlərinin nümayəndələrinin imtiyaz və immunitetləri haqqında” Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
11. Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
12. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavələr edilməsi haqqında Azərbaycan         Respublikası qanununun layihəsi barədə.
13. “Dövlət qulluğu haqqında” Azərbaycan                   Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
14. İcbari sığortalar haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Aşağıdakı məsələlər müzakirə edilmişdir:

1. Gündəlik haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Səməd Seyidov, Fazil Mustafa, Azay Quliyev, Siyavuş Novruzov, Vahid Əhmədov, Zahid Oruc, Fəzail Ağamalı, Mübariz Qurbanlı, Elmira Axundova, Ziyafət Əsgərov, İqbal Ağazadə, Məlahət      İbrahimqızı

Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.06 dəq.)
Lehinə 109
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir  110
Nəticə: Qəbul edildi

2. Azərbaycan Respublikası Milli Məclisinin 2011-ci il yaz sessiyasının qanunvericilik işləri planı haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Sabir Rüstəmxanlı, Zahid Oruc, Elmira Axundova, İqbal Ağazadə, Musa Quliyev, Fazil Mustafa, Qüdrət Həsənquliyev, Ziyafət Əsgərov, Fəzail Ağamalı, Əli Məsimli, Jalə Əliyeva, Hikmət Atayev, Qənirə Paşayeva, Mübariz Qurbanlı, Əli Əhmədov, Fərəc Quliyev

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.08 dəq.)
Lehinə 109
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  109
Nəticə: Qəbul edildi

3. Azərbaycan Respublikası Milli Məclisi İntizam komissiyasının  yenidən təşkil edilməsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.03 dəq.)
Lehinə 106
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  106
Nəticə: Qəbul edildi

4. Azərbaycan Respublikası Milli Məclisi Hesablayıcı komissiyasının yenidən təşkil edilməsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.04 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir  97
Nəticə: Qəbul edildi

5. “Xəzər dənizində təhlükəsiz əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:   Oqtay Əsədov, Ziyafət Əsgərov, Aydın Mirzəzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.07 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  104
Nəticə: Qəbul edildi

6. Azərbaycan Respublikası, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Rusiya Federasiyası və Türkmənistan Prezidentlərinin Birgə Bəyanatının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:   Oqtay Əsədov, Səməd Seyidov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.09 dəq.)
Lehinə 107
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  107
Nəticə: Qəbul edildi

7. “Azərbaycan Respublikası Hökuməti və İtaliya Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:   Oqtay Əsədov, Səməd Seyidov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.12 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir  103
Nəticə: Qəbul edildi

8. “Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslər üçün vizaların ləğv edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:   Oqtay Əsədov, Səməd Seyidov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.13 dəq.)
Lehinə 107
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  107
Nəticə: Qəbul edildi

9. “Azərbaycan Respublikası və Portuqaliya Respublikası arasında diplomatik, xidməti və xüsusi pasportlara malik şəxslər üçün vizaların ləğv edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.14 dəq.)
Lehinə 105
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  105
Nəticə: Qəbul edildi

10. “Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında mülki müdafiə, fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:   Oqtay Əsədov, Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.15 dəq.)
Lehinə 106
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir  107
Nəticə: Qəbul edildi

11. “Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Katibliyinin, onun heyətinin və Müşavirə üzvlərinin nümayəndələrinin imtiyaz və immunitetləri haqqında” Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:   Oqtay Əsədov, Səməd Seyidov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.18 dəq.)
Lehinə 107
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  107
Nəticə: Qəbul edildi

12. Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:   Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.23 dəq.)
Lehinə 105
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir  106
Nəticə: Qəbul edildi

13. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli, Fazil Mustafa, Qüdrət Həsənquliyev, Siyavuş Novruzov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.44 dəq.)
Lehinə 109
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  109
Nəticə: Qəbul edildi

14. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli, Elmira Axundova, Qüdrət Həsənquliyev, Gülər Əhmədova, Zahid Oruc, Siyavuş Novruzov, Çingiz Qənizadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 17.16 dəq.)
Lehinə 106
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  106
Nəticə: Qəbul edildi

15. İcbari sığortalar haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Oqtay Əsədov, Ziyad Səmədzadə, Ziyafət Əsgərov, Valeh Ələsgərov, Qüdrət Həsənquliyev, Elton Məmmədov, Əli Məsimli, Elmira Axundova, Vahid Əhmədov, Tahir Süleymanov, İlham Əliyev, Leyla Abdullayeva

Təklif: Qanun layihəsi birinci oxunuşda qəbul edilsin
Səsvermənin nəticələri (saat 18.04 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  104
Nəticə: Qəbul edildi

 

Azərbaycan Respublikası
Milli Məclisinin Sədri 
O.ƏSƏDOV

 

 

MİLLİ  MƏCLİSİN  İCLASI

1 fevral 2011-ci  il. Saat 12.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Milli Məclisin 2011-ci il yaz sessiyasını açıq elan edirəm.
(Azərbaycan Respublikasının Dövlət himni səslənir.)
Sədrlik edən. Hörmətli millət vəkilləri, yaz sessiyasının başlanması münasibətilə mən sizin hamınızı ürəkdən təbrik edir və qanunvericilik fəaliyyətində sizə böyük uğurlar arzulayıram!
Bildiyiniz kimi, ötən sessiyada dördüncü çağırış Milli Məclisin 4 iclası keçirilmişdir. Bu iclaslar zamanı 44 qanun və qərar qəbul edilmişdir. Parlamentimiz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi quruculuq işlərini fəal dəstəklədiyini nümayiş etdirmişdir.
Vətənimizin işıqlı sabahı naminə gördüyü dəyərli işlər sayəsində İlham Əliyev xalqımızın dərin ehtiramını və rəğbətini qazanmışdır. Prezidentimizin uzaqgörən siyasəti ölkəmizi dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına çıxarmışdır. Azərbaycanın xoşbəxt gələcəyi bu gün onun əzmlə davam etdirdiyi quruculuq və inkişaf strategiyası ilə sıx bağlıdır. 
Şübhə yoxdur ki, Milli Məclis ölkəmizdə aparılan demokratikləşmə prosesinin qanunvericilik bazasını daha da möhkəmləndirəcək və təkmilləşdirəcəkdir.
Hörmətli deputatlar, yaz sessiyasında bizi gərgin və maraqlı iş gözləyir. Sessiyanın qanunvericilik işləri planı bu gün sizin müzakirənizə veriləcəkdir. Bu sessiyada biz digər qanun layihələri ilə yanaşı,  Konstitusiya və qanunların müəyyən etdiyi çərçivədə Nazirlər Kabinetinin hesabatını dinləyəcək, eləcə də 2010-cu il büdcəsinin  icrasına dair məsələyə  baxacağıq. Yaz sessiyasının iclaslarında Hesablama Palatasının illik hesabatı, eləcə də İnsan hüquqları üzrə müvəkkilin və bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən qurumun hesabatları dinləniləcəkdir.
Hörmətli deputatlar, mən əminəm ki, parlamentin yaz sessiyası yüksək səviyyədə keçəcəkdir. Sessiyada sizin hamınıza uğurlar arzulayıram!
Xahiş edirəm, millət vəkilləri qeydiyyatdan keçsinlər.

Qeydiyyat (saat 12.05 dəq.)
İştirak edir 110
Yetərsay  83

Yetərsay var, iclasa başlaya bilərik. Gündəlik hamıya paylanıb. Xahiş edirəm, gündəliyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.06 dəq.)
Lehinə 109
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir  110
Nəticə: Qəbul edildi

Sağ olun, gündəlik qəbul edildi.
Bildiyiniz kimi, Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında nümayəndə heyətimiz tam tərkibdə iştirak edib. Sizin icazənizlə, istəyirəm sözü nümayəndə heyətinin rəhbəri Səməd Seyidova verim, orada görülən işlər barəsində qısa da olsa, məlumat versin. Səməd müəllim, buyurun.
S.Seyidov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri.
Çox sağ olun, Oqtay müəllim. Hörmətli millət vəkilləri,  biz nümayəndə heyəti olaraq bu il Avropa Şurasının qış sessiyasında iştirak etdik. Bu dəfə Avropa Şurasının qış sessiyasına yenilənmiş nümayəndə heyəti ilə getmişdik. Bu, Azərbaycan parlamentini ən yüksək səviyyədə təmsil etmək iqtidarında olan bir nümayəndə heyətidir. Mən iqtidar və müxalifət təmsilçiləri olan, xarici dilləri bilən, zəngin dünyagörüşünə malik, təcrübəli insanlardan belə yüksək səviyyəli bir nümayəndə heyəti formalaşdırıldığına görə Azərbaycan Respublikasının Prezidentinə, parlamentə öz minnətdarlığımı bildirmək istəyirəm.
Bu qış sessiyasında biz arxamızda güclü Azərbaycan dövlətinin və onun Avropada və dünyada tanınan Prezidentinin durduğunu daha çox hiss edirdik. İlham Əliyevin Avropa Şurasında gördüyü işlər, onun bu qurumda nüfuzu bu gün bizim hamımız üçün böyük bir fəxarətdir.
2005-ci ildə Avropa Şurasında qəbul olunmuş qətnamə özündə  Dağlıq Qarabağ üzrə alt komitənin yaradılması ilə bağlı bir bəndi ehtiva edir. O komitə yalnız 2 il fəaliyyət göstərdi. Yaxşı,  gözəl işlər gördü. Amma komitənin sədri dünyasını dəyişəndən sonra uzun müddət ermənilər bu komitənin işinin bərpa olunmasının əleyhinə çıxdılar. 4 ilə yaxın biz Avropa Şurasının üzvlərini, dünyanı inandırmağa çalışdıq ki, Dağlıq Qarabağ məsələsi həll olunmayıb deyə, Dağlıq Qarabağla bağlı hər bir qurumun, eləcə də bu komitənin fəaliyyəti bizim üçün vacibdir. Mən çox böyük məmnunluq hissi ilə hörmətli həmkarlarımıza  bildirmək istəyirəm ki, Avropa Şurası Bürosunun iclasında, Avropa Şurası sədrinin və sədr müavinlərinin iclasında həmin alt komitənin bərpası haqqında qərar yekdilliklə qəbul edildi. Bu alt komitəyə ispaniyalı deputat sədr təyin olundu. Alt komitə yaz sessiyasından fəaliyyətinə başlayacaq. Təbii ki, bu bizim üçün çox əhəmiyyətli məsələdir.
Avropa Şurasına üzvlüyümüzün 10 illiyini bizim səfirlikdə  Azərbaycan incəsənət nümayəndələrinin iştirakı ilə yüksək səviyyədə qeyd etdik. Avropa Şurasının Baş katibi, prezidenti, səfirlər, millət vəkilləri Azərbaycanın təşkil etdiyi ziyafətdə iştirak edib, ölkəmizlə bağlı fikirlərini bildirdilər. Bu gün Azərbaycan Avropa Şurasında layiqli və güclü bir üzvdür. Biz Avropa Şurasında fəaliyyət göstərərək Avropa deputatlarına birbaşa deyirik, Azərbaycanla hesablaşmaq lazımdır, Azərbaycana yuxarıdan aşağı baxmaq lazım deyil.
Təəssüf ki, ikili standartlar hələ də mövcuddur. Buna misal Azərbaycanda siyasi məhbuslar məsələsini araşdıran məruzəçinin fəaliyyətidir. Biz birbaşa bəyanat verdik ki, cənab  Ştrassel Almaniyanın və Avropa Şurasının deputatı kimi dəfələrlə Azərbaycanda olub, bir şəxs kimi ona münasibətimiz mənfi deyil. Amma Azərbaycanda siyasi məhbuslarla bağlı qeyri-obyektiv məruzənin müzakirəyə çıxarılması qəbulolunmazdır. Biz insan haqlarının həmişə müdafiəsinə qalxmışıq. Biz istəyirik ki, Azərbaycanda insan haqlarını araşdıran təşkilatlar başqa ölkələrdə də siyasi məhbuslar axtarsın, başqa ölkələrdə də insan haqları ilə bağlı hansısa fəaliyyət göstərsin. Ancaq 47 ölkənin içərisində bir ölkəni hədəf seçmək, bir ölkəyə mənfi münasibət bəsləmək, qonşu ölkədə millət vəkillərinin, jurnalistlərin həbs olunmasını, türmədə cəza çəkməsini, başqa Avropa ölkələrində insan haqlarının kobud şəkildə pozulmasını görməmək və bütün bunları yalnız Azərbaycana şamil etmək  qeyri-obyektivlik və böyük ədalətsizlikdir.
Bu gün Azərbaycan Avropa Şurasının irəli sürdüyü tələblərə cavab verir. Azərbaycan dünyəvi bir dövlətdir və biz öz milli adət-ənənələrimizi qoruyuruq. Yaxın Şərqdə xristianların təqib olunması və hətta öldürülməsi ilə bağlı məruzənin müzakirəsində Azərbaycan nümayəndə heyəti üzvlərinin çıxışları və mövqeyi mənim böyük sevincimə səbəb oldu. Biz orada göstərdik ki, Azərbaycan bəlkə də yeganə bir ölkədir ki, xristianlar, yəhudilər, müsəlmanlar birgə yaşayıb səylərini Vətənin inkişafına yönəldirlər. Ancaq baxmayaraq ki, biz Avropa Şurasının üzvüyük, baxmayaraq  ki, coğrafi nöqteyi-nəzərdən Yaxın Şərqə bizim heç bir aidiyyətimiz yoxdur, Azərbaycanın adını ora salmış və yazmışdılar ki, guya Azərbaycanda xristianlara qarşı hansısa  ciddi tədbirlər görülür. Düzdür, müzakirələr zamanı nümayəndə heyətimizin fəaliyyəti nəticəsində bu bəndlər oradan götürüldü və qətnamədə Azərbaycanla bağlı heç bir şey olmadı, ancaq belə cəhdlərin göstərilməsi müəyyən qüvvələrin bizə münasibətindən xəbər verir. Bu onu göstərir ki, Azərbaycan bu saat Avropa Şurasında nə qədər böyük nüfuza malik olsa da, burada biz istəklərimizi nə qədər həyata keçirə bilsək də, həmişə ayıq olmalı, ehtiyatı əldən verməməli, işimizi yüksək səviyyədə təşkil etməliyik.
Hörmətli cənab Sədr, mən şəxsən öz adımdan və nümayəndə heyəti adından bizim işimizin yüksək səviyyədə təşkilinin təmin olunmasına və nümayəndə heyətinin fəaliyyətinin daim diqqət mərkəzində saxlanmasına görə millət vəkillərinə, Sizə və Sizinlə bir yerdə işləyən aparata öz minnətdarlığımı bildirmək istəyirəm. Biz ümummilli liderimizin qarşımıza qoyduğu vəzifələrin həlli üçün cənab Prezidentin müəyyənləşdirdiyi istiqamətdə işlərimizi davam etdirəcəyik. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun, Səməd müəllim. Mən də nümayəndə heyətinin üzvlərini təbrik edirəm. Doğrudan, bu sessiyada çox ağır işlər gördünüz, çox nailiyyətlər oldu. Hamınızı bir daha təbrik edirəm. Gündəliklə əlaqədar müzakirədə iştirak edənlər, xahiş edirəm, yazılsınlar. Fazil Mustafa buyursun.
F.Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də yaz sessiyasının başlanması münasibətilə sizi təbrik edirəm. Nümayəndə heyətinin üzvü kimi xüsusi vurğulamaq istəyirəm ki, Parlament Assambleyasında  nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun fəaliyyəti, – mən ilk dəfə şahid oldum, – həqiqətən, çox yüksək qiymətləndirilməlidir. Həqiqətən, Azərbaycanın maraqları çox yüksək səviyyədə müdafiə olundu. Eləcə də digər millət vəkillərinin fəallığını burada qeyd elədiyinizə görə təşəkkürümü bildirirəm.
Mən iki məsələyə toxunmaq istəyirəm. Birinci, gələn ay ölkəmizin tanınmış hüquq müdafiəçisi Novella Cəfəroğlunun 70 yaşı tamam olur. Azərbaycanın çox sayda hüquq müdafiəçiləri cənab Prezidentə onunla bağlı müraciət etməyimizi xahiş edirlər. Fürsətdən istifadə edib, bildirmək istəyirəm ki, Avropada təmsil olunan müəyyən beynəlxalq qurumlarda Azərbaycanla bağlı müzakirələrdə iştirak eləyən bu kimi hüquq müdafiəçiləri bir çox hallarda elə dövlətçiliyimizi qoruyur, Azərbaycanla bağlı məsələlərdə mühüm rol oynayırlar. Onlar da bir ictimai xadimdirlər və hesab edirəm ki, hüquq müdafiəçilərinin dövlət tərəfindən Prezident təqaüdü formasında, yaxud başqa bir formada mükafatlandırılması dövlətin imicinin ancaq yüksəlməsinə xidmət eləyər. Ona görə də, Oqtay müəllim, xahiş edirəm, bu məsələni Siz də diqqətdə saxlayasınız. Dövlətdə hakimiyyəti tənqid eləyən adamlar da,  hakimiyyətin tərəfində olan adamlar da olur. Amma dövlət hamımızındır. Ona görə bu mexanizmin içində olan bütün insanların əməklərinin qiymətləndirilməsi vacibdir.
İkinci bir mühüm məsələ. Mən Bakıda olmadığım müddətdə internetdən izlədim, Prezident Aparatında çoxdan arzuladığımız bir müşavirə keçirildi. Korrupsiyaya qarşı mübarizə üzrə komissiyanın xüsusilə Prezident  Administrasiyasının rəhbəri hörmətli Ramiz müəllimin sədrliyi ilə keçirilən iclasında Azərbaycanın çox ciddi problemləri gündəmə gətirildi. Bu artıq bir başlanğıc olaraq qiymətləndirilməlidir. Cənab Prezidentin özü də bu  istiqamətdə müəyyən islahatlarla bağlı bütün addımların atılmasına müsbət yanaşır və biz də Milli Məclis olaraq bu istiqamətdə öz səylərimizi göstərməliyik. Ona görə mən bu istiqamətdə konkret, planlı bir fəaliyyət başlanmasını və Məclisdə müzakirələr açılmasını təklif edirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Azay Quliyev.
A.Quliyev. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli millət vəkilləri, mən də yaz sessiyasının başlanması münasibətilə həmkarlarımı təbrik etmək  və onlara uğurlar arzulamaq istəyirəm.
Fürsətdən istifadə edərək iki məsələyə toxunmaq istərdim. Birinci məsələni hörmətli Səməd müəllim qaldırdı. Siyasi məhbuslarla bağlı Avropa Şurası tərəfindən həmməruzəçinin təyin edilməsi barədə rəyini bildirdi. Mən də o rəyə qoşuluram. Hesab edirəm ki, bu, doğrudan da, çox böyük haqsızlıqdır. Siyasi məhbuslarla kifayət qədər məşhurlaşan Ermənistanda, hətta Gürcüstanda, Rusiyada və digər qonşu ölkələrdə siyasi məhbus məsələsi bu qədər qaldırılmır. Amma Azərbaycana gələndə dərhal məruzəçi  təyin olunur. Baxmayaraq ki, Azərbaycanın hüquq müdafiə təşkilatlarının çoxu buna etiraz edib, qeyri-hökumət təşkilatları da buna öz kəskin etirazını bildiribdir. Onların fikricə, bu məsələdə hamıya eyni meyarlarla yanaşılmalıdır. Baxmayaraq ki, siyasi məhbus anlayışının özü bütövlükdə Avropa üçün mübahisəlidir və birmənalı qarşılanmır. Ona görə mən də fürsətdən istifadə edib həmkarıma bu baxımdan dəstək vermək istərdim.
İkinci məsələ yenə də İranla bağlı olan məsələdir. Milli Məclisdə də,  ictimai rəydə də son günlər İranın bəzi dairələrinin Azərbaycana qarşı etdiyi bəyanatlar ciddi şəkildə müzakirə olunur və etirazla qarşılanır. Xüsusilə süni şəkildə qabardılan hicab məsələsində Azərbaycanın daxili işlərinə qarışmaq meyilləri göz qarşısındadır. Bəlkə də bir müddətdən sonra bu məsələni unutmaq və düşünmək olardı ki, bu, epizodik bir hal idi, keçdi, getdi. Amma son iki gün ərzində İranla Ermənistan arasında Azərbaycanın milli maraqlarını təhqir edəcək dərəcədə bir anlaşma imzalandı. İranın neft naziri Məsud Mirkazımi böyük fəxrlə bəyan etdi ki, artıq Ermənistanın  yanacaq problemi həll olunur və Təbrizdən Ermənistana xüsusi neft boru xətti çəkilir. Xüsusi onu qeyd etdi ki, Təbrizdən çəkilir. O çox gözəl bilir ki, Təbriz Azərbaycan üçün nə qədər  həssas bir mövzudur. Ona baxmayaraq bunu bəyan edib.
Bununla bağlı artıq bizim müəyyən qərarlarımız olmalıdır. Mən millət vəkili olaraq İranın bu ikiüzlü siyasətinə qəti etirazımı bildirirəm. Bu gün həmin siyasətin nəticəsidir ki, Ermənistan bu işğalı davam etdirir və Ermənistanın Prezidenti Serj Sarkisyan müxtəlif media  qurumlarında sərsəm bəyanatlar verir. Bu cür havadarlar olmasaydı, bəlkə də Ermənistan bu cür mövqe sərgiləməzdi.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Hörmətli millət vəkilləri, mən də yaz sessiyasının başlanması münasibətilə hamınızı təbrik edirəm. Bizim nümayəndə heyətinin Avropa Şurasında apardığı işi çox yüksək qiymətləndirir, təqdirəlayiq hesab edirəm. Gündəlikdəki məsələlər çox aktualdır. Ümumiyyətlə, plana çox aktual məsələlər salınıbdır. Mən bu plana səs verəcəyəm.
Bir neçə məsələyə münasibətimi bildirmək istəyirəm. Birinci ondan ibarətdir ki, bu yaxınlarda ATƏT Azərbaycanda keçirilən parlament seçkiləri ilə əlaqədar qərəzli və obyektivlikdən kənar hesabatını açıqlayıbdır.  Azərbaycanda keçirilən azad, ədalətli, demokratik seçkilərin üstünə  kölgə salınır. ATƏT-in öz içindən olan nümayəndələr bəyanat verib bunun əleyhinə çıxırlar ki, biz orada belə şeylərə şahid olmamışıq, siz bunu haradan götürmüsünüz? Bəlli olur ki, onlar öz hesabatlarını elə bura gələndə yazıb gətiribmişlər. Artıq onları burada maraqlandıran ikinci bir məsələ qalmır. Maraqlıdır, ərazisinin 70 faizinə nəzarət etməyən, əhalisinin 90 faizindən artığı ali təhsilli olmayan Əfqanıstanda keçirilən seçkilər azad, ədalətli, demokratik olur, yaxud ABŞ İraqa daxil olandan sonra əhalisinin bir milyondan çoxunun öldüyü darmadağın olmuş bu ölkədə demokratik seçki olur, Azərbaycanda keçirilən seçkilərdə isə  nədənsə demokratiya haqqında heç fikir irəli sürülmür. Halbuki Azərbaycan xalqı ilk demokratik respublika yaradan xalqdır, ilk opera yaradan xalqdır. Mən daha onu demirəm ki, Azərbaycanda qadınlar səs verəndə Amerika Birləşmiş Ştatlarında qadınların səs vermək hüququ yox idi. Azərbaycanda ATƏT bunu tamamilə başqa istiqamətə yönəldir. Bunların hamısı bəlli məsələlərdir. Mən hesab edirəm ki, bu məsələlərdə biz ciddi şəkildə bəyanatımızı verməli, münasibətimizi bildirməliyik.
İkinci məsələ. Kölgədə qalanlar özlərinə bir kölgə kabineti, bir ictimai palata yaradıblar. Burada qeyd olundu, onlar Avropa Şurasına da dəvət olunmuşdular. İctimai palata, adətən, ictimai işlərlə məşğul olur. Ola bilər, ona bələdiyyənin kommunal təsərrüfat, təmizlik işləri və sair kimi müəyyən səlahiyyətləri verilsin. İctimai palataya hansısa qanunvericilik işi  və yaxud hansısa siyasi məsələ ilə məşğul olmaq hüququ verilmir.
Bir məsələyə də toxunmaq istəyirəm. Bu məsələni hörmətli Fazil müəllim burada qaldırdı. Mən bunu, düzdür, Novella Cəfəroğluna aid eləmirəm. Amma elə onların sayəsində indi Səməd müəllimin qeyd etdiyi kimi, AŞPA Azərbaycanda siyasi məhbus məsələsini qaldırır. Bunlar hansı müəllimin, həkimin hüququnu müdafiə ediblər? Hansısa siyasi partiyada bir oğruya, quldura siyasi məhbus adı qoyub, məsələsini gətirib çıxarıblar Avropa Şurasına. Ona görə də bu şeylərə diqqətlə yanaşmaq lazımdır. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Siyavuş müəllimin, Səməd müəllimin sözünə qüvvət, mən elə keçən il Avropa Şurasında olanda da bir məsələ ilə rastlaşdım. AŞPA-nın Sədri dedi ki, sizin ölkə çox maraqlı ölkədir. Avropa Şurasının Parlament Assambleyasında ictimai və ya qeyri-hökumət təşkilatları iştirakçılarının sayının bu qədər çox olduğu ikinci bir ölkə yoxdur. Bu sessiyada Azərbaycandan AŞPA-ya bir 25–30 nümayəndə heyəti dəvət edilib. Heç bir ölkədən Avropa Şurasının Parlament Assambleyası hesabına oraya bir belə nümayəndə heyəti dəvət olunmur.  Çox maraqlıdır ki, ora gedənlərin bir nəfərindən də Azərbaycan haqqında müsbət bir fikir eşitmirsən. Bunlar, elə bil, əvvəldən hazırlanmış, proqramlaşdırılmış insanlardır. Biz bunu görmüşük. İndi bizim nümayəndə heyətinin üzvləri də bunu gördülər. Belə məsələlərdə də bir az diqqətli olaq. Vahid Əhmədov.
V.Əhmədov. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri,  hörmətli mətbuat nümayəndələri! Əvvəla, yaz sessiyasının başlanması münasibətilə mən millət vəkillərini təbrik edir, onlara işlərində uğurlar arzulayıram.
Cənab Sədr, bu il Azərbaycanın müstəqilliyinin 20 ili tamam olur. Bununla əlaqədar Azərbaycanın dövlət başçısı xüsusi sərəncam imzalayıb. Həmin sərəncama əsasən hökumətə tapşırıb ki, müəyyən tədbirlər planı işləyib hazırlasın. 1991-ci il oktyabrın 18-də Azərbaycanın Konstitusiya Aktı bu binada qəbul edilib. Həmin Konstitusiya Aktının hazırlanmasında, ərsəyə gəlməsində bir sıra millət vəkillərinin, o cümlədən dövlət xadimlərinin, o vaxt Milli Məclisdə işləyən insanların çox böyük əməyi olub. Həmin insanların indi müəyyən  hissəsi dünyasını dəyişib, müəyyən hissəsi sağdır. Dünyasını dəyişənlərin ailələrində müəyyən problemlər var. Mən təklif edərdim ki, Prezidentin sərəncamından irəli gələn tədbirlərlə əlaqədar Milli Məclis özünün xüsusi tədbirlər planını işləyib hazırlasın və Milli Məclisin növbəti iclaslarının birində biz həmin tədbirlər planına baxaq, onu təsdiq edək. Çünki 20 il az müddət deyil. Biz o əzablı, əziyyətli günlərdə Azərbaycanın müstəqilliyinə səs verən insanları yada salmalı, onların əməklərinə qiymət verməliyik. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli Məclis üzvləri! Mən də yaz sessiyasının başlanması münasibətilə hər birinizə uğurlar  diləyirəm.
Cənab Sədr, ilk növbədə hörmətli həmkarlarım Səməd Seyidovun və Siyavuş Novruzovun mövqelərini bölüşərək, Sizin də dediyiniz məsələləri birmənalı qəbul edərək bir xüsusi məsələyə diqqəti cəlb etmək istəyirəm. Azərbaycan Avropa Şurasına daxil olarkən yol xəritəsi adlandırılan bir sənəd qəbul olunmuşdu. Ölkədaxili həyatda biz onları öhdəliklər sənədi adlandırırdıq. Biz o vaxt demişdik ki, bu sənədin elə müddəaları var ki, sonsuzluğa qədər davam edə bilən məsələlərdir. Əlbəttə ki, hələ cənab İlham Əliyevin parlament üzvü olduğu dövrdən Avropa Şurasında bizi təmsil edənlər çox güclü, effektiv işləyən, beynəlxalq iş üslubunu bilən yekdil bir komandadır. Lakin QHT-lərin siyasi məhbus kimi tanıdığı şəxslərin işinə baxılması və sair kimi müddəalarla bağlı məsələlər sonsuzluğa qədər davam edə bilər. Ona görə mən təklif edirəm ki, Azərbaycan–Avropa Şurası münasibətlərinin gələcəyi naminə o öhdəliklərin yerinə yetirilməsinin bitdiyi elan edilsin və gələcək dövr üçün bir yol xəritəsi qəbul olunsun.
Mən bu gün cari məsələlər sırasında bir məsələyə də toxunmaq istərdim. 2010-cu ildə məhz bu tarixdə İran və Azərbaycan arasında vətəndaşlarımızın həyatını əhatə edən bir addım atılıbdır. Bu da İran tərəfindən Azərbaycan vətəndaşlarına yönəlik vizasız gediş-gəlişi təmin edən bir qərardır. Açığı, on illər ərzində belə bir mövqedən çıxış edən bir dövlətin birdən-birə belə addım atmasının arxasında dayanan məqsədlər o dövrdə bəlkə də çoxlarına aydın deyildi. Lakin indi bu tamamilə aydın görünməkdədir. Mən hesab edirəm ki, bunun başlıca səbəbi yaşıl inqilab ixracı, dində xüsusi məqsədlər, İranın öz formasiyasının Azərbaycana yeridilməsidir. Lakin mən bundan danışmaq istəmirəm. Bu, ayrı söhbətin mövzusudur.
Bilavasitə real fakta əsaslanaraq deyirəm ki, İranın din ixracından daha təhlükəlisi narkotika ixracıdır. Bu, rəsmi rəqəmlərdə də artıq ifadəsini tapmaqdadır. Gedin məhkəmə işlərinə baxın. Azərbaycanda gənc ailələrin dağılmasının başlıca səbəbi məhz bu amildir. Bu, fiziki məhv eləmə siyasətinin mühüm bir elementidir. Ona görə də mən bu vizasız gediş-gəlişə etiraz edirəm. Nə yaxşı ki, Azərbaycan rəsmiləri hələ ki, öz tərəfindən qarşılıqlı addım atmayıblar. Bilirsiniz ki, İran onda Gürcüstana da bunu tətbiq elədi. Gürcüstan vətəndaşları üçün doğrudanmı, İran iqtisadi siyasi cəhətcə belə cəlbedicidir. Qətiyyən! Mən hesab edirəm ki, o da azərbaycanlılara yönəlik bir qərar idi. Artıq onlar Gürcüstanda yaşayan azərbaycanlılar üçün də bir dini bölücülük… Nə var ki, o, Azərbaycandan bir az kənardadır. Saakaşvili üçün də o azərbaycanlılar elə də birinci yerdə deyil. Ona görə də onlara yönəlik bir addımdır. Mən Azərbaycan vətəndaşlarını İrana getməməyə çağırıram. Sağ olun.
Sədrlik edən. Fəzail Ağamalı.
F.Ağamalı. Təşəkkür edirəm. Hörmətli cənab Sədr! Mən də yaz sessiyasının başlanması münasibətilə bütün millət vəkillərini təbrik edir, onlara fəaliyyətində uğurlar və möhkəm can sağlığı arzu edirəm.
Mənim çıxışımın başlıca hədəfi son günlər İran İslam Respublikasının Azərbaycana yönəlmiş təbliğatının mahiyyəti üzərində dayanmaqdır. Burada Səməd müəllimin söylədiyi kimi, Azərbaycana qarşı ikili standartlar, ikili münasibət mövcuddur. Bu, təkcə Avropa ölkələrində, xristian aləmində deyil. Özünü müsəlman ölkəsi elan edən, sözdə Azərbaycana dost və qardaş deyən İran hökuməti, molla rejimi Azərbaycana qarşı ən müxtəlif istiqamətlərdən fəaliyyətini genişləndirməkdə, Azərbaycanın Konstitusiya quruluşuna qarşı təhdidləri gücləndirməkdədir.
On illər boyu Cənubda yaşayan soydaşlarımızın dilini əzən, milli-mənəvi sərvətlərimizi təpiklər altına atan, soydaşlarımızı ən müxtəlif yollarla  repressiyalara məruz qoyan molla rejimi ən müxtəlif şəkildə bizim istiqlalımıza qarşı təhdidlərini davam etdirməkdədir və bunun üçün bütün imkanlardan istifadə edir. İstər ayrı-ayrı proqramlardan, istər ideoloji sahənin ayrı-ayrı detallarından, məqamlarından, istər burada söyləndiyi kimi, narkotikin Azərbaycana ixracından, istərsə də Ermənistanla yaratmış olduğu son dərəcə yüksək münasibətlərdən göründüyü kimi, bu rejim Azərbaycana qarşı düşmənçiliyini birmənalı şəkildə ortalığa qoymaqdadır. Mən düşünürəm ki, millət vəkilləri bunun fərqində olmalı və imkan daxilində bütün səviyyələrdə molla rejiminə qarşı aktiv şəkildə, çəkinmədən öz sözlərini deməlidirlər. Bu molla rejiminə qarşı biz ideoloji istiqamətdə mübarizəmizi genişləndirməliyik.
İkinci, mən təklif edərdim ki, beynəlxalq təşkilatlarda təmsil olunan  çox hörmətli millət vəkillərimiz həmin beynəlxalq təşkilatlarda Cənubdakı soydaşlarımızın molla rejimi tərəfindən hüquqlarının pozulması ilə bağlı məsələləri qaldırsın və həmin məsələlər üzrə konkret sənədlərin qəbul olunmasına nail olunsun.
Üçüncü, mən təklif edərdim ki, birmənalı olaraq İranda Azərbaycan vətəndaşlarının təhsil almasına qadağa qoyulsun, eyni zamanda, vaxtilə Qum şəhərində, İranın müxtəlif şəhərlərində təhsil almış Azərbaycan vətəndaşlarının bir təsnifatı aparılsın ki, görək bunlar kimdirlər. Onlardan bəziləri bu gün Azərbaycanda İranın molla rejiminin məqsədlərinə  xidmət edirlər. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Mübariz Qurbanlı.
M.Qurbanlı. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli millət vəkilləri! Mən də yaz sessiyasının başlanması münasibətilə hamınızı təbrik edirəm.
Burada bir sıra məsələlər qaldırıldı. Bir məsələ barədə  mən də öz narahatlığımı bildirmək istəyirəm. Məlumdur ki, bu gün Azərbaycan ictimai-siyasi sabitlik baxımından ən öndə gedən ölkələrdən biridir. Amma təəssüf ki, bəzən Azərbaycandakı bu ictimai-siyasi sabitliyi, iqtisadi sabitliyi müəyyən dairələr hansısa formada ya pozmağa çalışır, ya da bununla bağlı yalan məlumatlar yayırlar. İranda bəzi dairələrin Azərbaycan əleyhinə təşviqatına, orada “Səhər” kanalının bəzi məlumatlar yaymasına və sairə qarşı biz də öz sözümüzü deməliyik. İran–Azərbaycan işçi qrupu adından biz etirazımızı da göndərə bilərik.
Ancaq bir başqa məsələ diqqəti cəlb edir. Bu günlərdə mətbuatda belə bir məlumat getdi ki, Amerika Birləşmiş Ştatları və Böyük Britaniya öz səfirlikləri vasitəsilə Azərbaycanda guya hansısa təhlükələr olduğuna görə  vətəndaşlarının buraya gəlməsini çəkindirən məlumatlar yayıblar. Mən hesab edirəm ki, bu məsələ aydınlaşdırılmalıdır. Xüsusi sorğu verilməlidir ki, Birləşmiş Ştatların səfirliyi nəyə əsasən bu cür məlumatlar yayır, çünki belə məlumatların yayılması həm Azərbaycan vətəndaşlarında, həm də Azərbaycana gəlmək istəyən ayrı-ayrı xarici vətəndaşlarda müəyyən  təşviş və həyəcan hissi yarada bilər. Mən düşünürəm ki, bu cür məlumatların yayılması məntiqə uyğun  gəlmir, mövcud reallıqdan uzaqdır və bu məsələ aydınlaşdırılmalıdır. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Elmira Axundova.
E.Axundova. Mən elə bildim ki, birinci məsələyə aid çıxışlar üçün yazılırıq, yazıldım. Xahiş edərdim ki, mənim növbəmi İşlər planı haqqında məsələnin müzakirəsinə keçirəsiniz. Olar?
Sədrlik edən. Yenə yazılarsınız, elə alınmır. Ziyafət Əsgərov buyursun.
Z.Əsgərov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli deputatlar! Mən bir-iki məsələyə münasibətimi bildirmək istəyirəm. Əslində, bu məsələlər zaman-zaman bizim parlamentdə və mətbuatda kifayət qədər müzakirə olunub və biz də münasibətimizi bildirmişik.
Yenidən siyasi məhbuslar məsələsini Avropa Şurası Parlament Assambleyasında gündəliyə gətiriblər. Biz bu məsələlərlə dəfələrlə qarşılaşmışıq. Digər parlament assambleyalarında da çoxlu müzakirələrimiz, mübahisələrimiz olub. Dəfələrlə məsələ qaldırmışıq ki, siz siyasi məhbus deyəndə nəyi nəzərdə tutursunuz? İstər Avropa olsun, istərsə də Asiya olsun, istənilən qanunsuz əmələ kriminal donu geyindirəndə, bu əmələ hüquqi mənada cinayət deyəndə onun əlamətləri sadalanmalıdır ki, bu, bu əlamətlərə cinayət deyilir.
Biz Avropa Şurasından, Venesiya komissiyasından gələn ekspertlərə  dəfələrlə sual vermişik ki, siz siyasi məhbus deyəndə nəyi nəzərdə tutursunuz? Deyin ki, filan-filan əlamətlərə görə şəxs siyasi məhbus hesab olunur. Məlum oldu ki, Avropanın özündə, Avropanın heç bir ölkəsinin cinayət məcəlləsində bu gün siyasi məhbus anlayışı yoxdur.  Bəs bunu niyə  Avropa Şurasının hər hansı bir sənədinə, ya beynəlxalq bir konvensiyaya, ya da beynəlxalq bir sənədə salmırsınız? Məlum olur ki, qəsdən salmırlar. Çünki hər hansı bir dövlətin daxili işlərinə qarışmaq üçün  onlara belə bir əlyeri lazımdır.
Siz özünüz üçün bu məsələni aydınlaşdırın,  gəlin, oturun, deyin ki, bax, hörmətli Milli Məclis, sizin həbsxanada olan şəxs bu, bu əlamətlər altına düşür. İnsan hüquqları və əsas azadlıqları haqqında konvensiyada bu əlamətlər sadalanıb. Siz də bu Konvensiyaya qoşulmusunuz. Xahiş edirik, filankəsi azad edin. Amma nə bir dövlətin  cinayət məcəlləsində, nə də beynəlxalq konvensiyalarda bu var. Onda mübahisə nədir? Dediyim kimi, həmin məsələdir.
İnsan haqları adı altında bunu o qədər hörmətdən, urvatdan salıblar ki, artıq bu mövzuda danışanda bəzən insanlar gülürlər, lağa qoyurlar. İnsanı  qova-qova namərd eləmək olmaz axı. Dövlətin  daxili işinə bu qədər qarışmaq olmaz axı. Biz deyirik ki, bizdə siyasi məhbus yoxdur, konkret cinayətə görə cəza çəkən şəxs var, siz deyirsiniz, siyasi məhbusdur. Biz deyirik, siz deyirsiniz. Ortada bir hakim olmalıdır da. Bu hakimin də əsaslandığı meyarlar olmalıdır. Bu da yoxdur. Bunu da siz yaratmırsınız. Özü də qəsdən yaratmırsınız. Nə istəyirsiniz? 
NATO-nun Parlament Assambleyasında bir həmkarımız var, İspaniyadandır, obyektiv insandır. Biz onunla Azərbaycanda gedən proseslərlə bağlı çox söhbət edirik. Bizə qayıtdı ki: “Bilirsiniz nədir?  Qərb dövlətləri Azərbaycanın bugünkü iqtisadi inkişafında maraqlı deyillər. Niyə maraqlı deyillər? Çünki siz müsəlman dövlətisiniz”.
Keçən il bizdə çox böyük bir dini konfrans keçirildi. Dövlətimizin dəstəyi və Şeyxin dəstəyi ilə bütün dünya liderləri, hətta Ermənistanın dini lideri  bura gəldi. Azərbaycanda dini tolerantlıqdan söhbət getdi. Bizdə, ümumiyyətlə, başqa dinin nümayəndələrinə nifrət yoxdur. Xristian da, yəhudi də bizim öz qardaşımız, vətəndaşımızdır. İndi nə üçünsə Azərbaycanda gedən iqtisadi inkişaf  paxıllıq, qısqanclıq doğurur. Niyə Azərbaycan inkişaf etsin?
İndi mən ikinci məsələyə keçirəm. Avropa Şurası Parlament Assambleyasında deyirlər ki, xristianları Yaxın Şərqdə incidirlər. Yaxşı, bəs 1 milyon müsəlman yerindən-yurdundan qovulub, Azərbaycanda qaçqın olub. Niyə qaldırmırsınız məsələni? Ay Avropa, hara baxırsan? Deməli, xristiana dəymək olmaz, müsəlmanı öldürmək lazımdır? Belə olmaz, mən çox üzr istəyirəm, bu, mağara mədəniyyətidir. Bu nə demokratiyadır, bu nə mədəniyyətdir, bu nə tərbiyədir? Biz burada tolerantlıqdan danışırıq, yüksək insani dəyərlərdən danışırıq. Bunlar oturublar, Yaxın Şərqdə xristian dərdi çəkirlər. Bəs İraqda qırılan, Əfqanıstanda qırılan insan deyil? Belə eləməyin, axı, belə olmaz.
Hətta o yerə gətirib çıxarmısınız ki, bu gün artıq beynəlxalq hüquqdan ciddi danışmaq olmur. Mən Bakı Dövlət Universitetində Hüquq fakültəsində  dərs deyirəm. Beynəlxalq norma və prinsiplərdən danışanda tələbələr belə buna kinayə ilə yanaşırlar, deyirlər, Ziyafət müəllim, belə şey var yəni? Qərbdə özləri ədalətsizliyi yaradır, sonra da başlayırlar ki, Azərbaycanda elədir, belədir. Əşi, bu Ermənistanda hərbi xuntadır da, xunta. Daha bunun başqa adı yoxdur. Ermənistanda terror dövlət siyasətidir. Ermənistan parlamentinin deputatları heç güldən ağır söz deyə bilməzlər. Ağzını açanı salırlar içəri.
Yaxşı, mən başa düşürəm. Əvvəllər səlib yürüşləri olub. İndi biz XXI əsrdə yaşayırıq. Ha istəyirsən ki, Avropa dəyərlərinə qarşı bir addım atasan, Avropa Şurasında səni itələyirlər. Addım atırsan, itələyirlər. Deyirsən, gəl əməkdaşlıq eləyək, deyirik, eləyək. Bəs niyə itələyirsən onda? İnsanı da dini görüşünə, dini mənsubiyyətinə görə fərqləndirərlərmi? Mənə deyəndə ki, avropalılar çox belə yüksək mədəniyyətə sahibdirlər... İnanın ki, elə ən yüksək mədəniyyət də, ən yüksək tərbiyə də bizimkilərdədir. Çünki bu qədər təzyiqlərin altında biz dözürüksə, vallah, bizə halal olsun.
Mən açıq danışmağı xoşlayıram. Hər şeyin öz adını vermək lazımdır. Nə qədər gizlətmək olar? Hər şeyin bir həddi var. Nə qədər bizim üstümüzə gəlmək olar? Nə qədər bəzi səfirliklər burada agentura rolunu oynayacaq? Gəlmisən, diplomatik fəaliyyətini yerinə yetir, başqa şeylərlə məşğul olma da.
Bir daha demək istəyirəm ki, Azərbaycan bu gün sözün həqiqi mənasında çox gözəl inkişaf dövrünü yaşayır. İqtisadiyyatın bütün sahələrində, insan haqları sahəsində, mədəniyyətimizdə, incəsənətimizdə  intibah var. Amma bir şeyi biz gərək nəzərə alaq. İnsan nə qədər inkişaf eləyirsə, nə qədər böyüyürsə, onun düşmənləri də bir o qədər çoxalır. Bu da bir reallıqdır. Bu, bineyi-qədimdən belədir. Ona görə biz Azərbaycan vətəndaşları, xüsusilə millət vəkilləri hər bir məsələdə ayıq olmalı,  dövlətimizin, prezidentimizin ətrafında sıx birləşməliyik. Təbii ki, bu gün Azərbaycanın ən yüksək səviyyədə olan ordusuna hər birimiz dəstək olmalıyıq. Bu dünya belədir. Nə qədər zəif olursan, əzirlər səni. Ona görə də bizim zəif olmağa haqqımız yoxdur. Biz bundan sonra daha da güclü olmalıyıq. Təşəkkür edirəm. Sağ olun.
Sədrlik edən.  Sağ olun. İqbal Ağazadə.
İ.Ağazadə. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən də hamını yaz sessiyasının başlaması münasibətilə təbrik edirəm və ümid edirəm ki, Milli Məclis yaz sessiyasında millətimizə və dövlətimizə layiq olan qanun və qərarlar qəbul eləyəcək.
İki məsələyə münasibətimi bildirmək istəyirəm. Dünən Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, böyük dövlət adamı Məmməd Əmin Rəsulzadənin doğum günü idi. Onun iki yerdə – Bakı Dövlət Universitetinin yanında və Azərbaycan Dövlət Kukla Teatrı ilə üzbəüz ərazidə heykəlinin qoyulması uzun illərdir planlaşdırılır. Çox təəssüflər olsun ki, Məmməd Əmin Rəsulzadənin heykəli nə əsasını qoyduğu Bakı Dövlət Universitetinin yanında, nə də mərkəzdə – Kukla Teatrı ilə üzbəüz yerdə qoyulub.
Yeri gəlmişkən, onu da qeyd edim ki, bu gün Misir xalqının diktator deyib, hakimiyyətdən uzaqlaşdırmaq istədiyi Hüsni Mübarəkin Bakıda heykəli var. Çox qəribə oldu ki, mən bu məlumatı mətbuatdan oxudum. Bu məsələyə də ən azı heykəllərin qoyulmasına tapşırıq verən icra strukturları münasibət bildirməlidir. Necə olur ki, Azərbaycanda dövlət quruculuğunda, dövlətin elan olunmasında kifayət qədər rolu və yeri olan və Azərbaycan xalqının böyük hissəsinin məhəbbətlə xatırladığı bir insana heykəl qoyulmur, başqa bir xalqın diktatoruna heykəl qoyulur? Bu, ciddi şəkildə düşünülməli və həmin heykəl yığışdırılaraq, Məmməd Əminə abidə ucaldılmalıdır.
İkinci məsələ. Dünən Tarif Şurası həm poçt xidməti, həm dəmiryol daşıma, həm də su istehlakı  ilə bağlı qiymət artımının olduğunu elan etdi. İqtisadi böhranın səngimədiyi, dünyada hələ iqtisadi böhranın davam etdiyi, onun yeni dalğasının olacağı barədə müxtəlif proqnozlar verildiyi bir vaxtda Azərbaycan əhalisinin aztəminatlı hissəsini bu şəkildə qiymətləri artıraraq dilemma qarşısında qoymaq doğru deyil. Bu gün 85–100 manat alan kifayət qədər pensiyaçı var. Bu gün 150–160 manat maaş alan müəllimlərin, həkimlərin sayı bir deyil, 5 deyil, yüz minlərlədir. Necə ödəsinlər, hansı şəkildə versinlər? Tarif Şurası bu qiymətləri nəyə əsasən qaldırıb? Hesab edirəm, Milli Məclis hökumətin hesabatına qədər buna etiraz etməli və hökumətin hesabatında da bu məsələ hökumət qarşısında ciddi qoyulmalıdır. Çox sağ olun.
Sədrlik edən. Artıq 45 dəqiqə keçib. Məlahət xanım, buyurun. Sonra keçək gündəliyə.
M.İbrahimqızı.  Çox sağ olun, Oqtay müəllim. Mən də Sizi və həmkarlarımı parlamentin yaz sessiyasının açılışı münasibətilə təbrik eləyirəm.
Hörmətli Oqtay müəllim, hörmətli həmkarlarım! Həqiqətən, son vaxtlar sübut etdi ki, Ermənistan Azərbaycana qarşı, türk dünyasına qarşı, əslində, Azərbaycan və Türkiyənin timsalında İslam dünyasına qarşı açıq düşmənçilik mövqeyində durur. Biz bilirik ki, açıq-aşkar düşmənimiz kimdir. Amma çox təəssüf ki, bizimlə ortaq mədəniyyətə, ortaq tarixə malik olan İranın da son vaxtlar Azərbaycana, Azərbaycan xalqına qarşı tam qərəzli və mən deyərdim ki, bir sıra hallarda düşmənçilik mövqeyində olduğu üzə çıxır. Bu, Serj Sarkisyanın Moskvada verdiyi müsahibədə də bir daha özünü göstərdi. Son vaxtlar Təbrizdən Ermənistana çəkilən neft kəməri, eləcə də “Səhər” proqramında Azərbaycana qarşı aparılan təbliğat İranın Azərbaycana heç də dost olmadığını sübut edir. Oqtay müəllim, Sizdən xahiş edərdim ki, İrana ya parlament adından, ya da parlamentdə olan Azərbaycan–İran dostluq qrupu adından bir rəsmi məktub göndərilsin.
Bahar xanıma da bir müraciətlə xahiş etmək istərdim. Son vaxtlar mən bir sıra beynəlxalq qadın təşkilatlarından rəsmi məktublar alıram. Siz bilirsiniz ki, Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi bütün sənədlərdə bir qadına qarşı zorakılıq bəşəriyyətə qarşı zorakılıq kimi qiymətləndirilir. İranda son vaxtlar bir sıra qadınların hədsiz dərəcədə ciddi təhdidlərə məruz qalması, onlara ölüm hökmü verilməsi bütün dünya ictimaiyyəti kimi beynəlxalq qadın təşkilatlarını da çox ciddi narahat edir. Onlar xahiş edirlər ki, Azərbaycan parlamentində təmsil olunan qadınlar buna öz münasibətini bildirsinlər. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Keçirik gündəliyə.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Sabir müəllim, axı dedik ki, qurtardıq.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən.  Təklifiniz var? Buyurun.
S.Rüstəmxanlı. Millət vəkillərinin Avropa Şurasındakı işini biz burada dinlədik və müzakirə elədik. Həmin vaxtda paralel şəkildə İslam Konfransı Təşkilatı ölkələrinin parlament ittifaqının yığıncağı  keçirilmişdir. Başda Gövhər xanım olmaqla bizim parlament nümayəndə heyəti orada iştirak elədi. 51 ölkənin qatıldığı bu parlament ittifaqında da  çox ciddi müzakirələr getdi. Çox istərdim ki, bu yığıncaqda bizim nümayəndə heyətinin də hesabatı və ümumiyyətlə, gələcəkdə paralel şəkildə bizim də gördüyümüz işlər burada dinlənilsin. İslam ölkələri də 51 ölkədir. Kifayət qədər böyük bir təşkilatdır. Dünyada yeganə təşkilatdır ki, Ermənistanı işğalçı kimi tanıyıb və hər dəfə də bizim təkliflərimizə çox hörmətlə yanaşır. Təşəkkür edirəm.
Sədrlik edən. Çox  sağ olun. Ancaq yaxşı olardı, deyəydiniz ki, hesabatınız hazırdır, hesabat vermək istəyirsiniz. Oturmusunuz, sual verirsiniz. Gövhər xanım da burada idi. Buyursun Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli həmkarlar,  parlamentdə mühüm bir idarəçilik ənənəsi getdikcə formalaşmaqdadır. Bunu parlamentarizm ənənəsi də artıq saymaq olar. Ölkə başçısının ilk iclasda parlamentin işinə qatılması, öz xeyir-duasını verməsi, iki hakimiyyət qolunun qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyəti çox mühüm əlamətlər sayıla bilər.
Mən bu sıraya birisini də təklif eləmək istəyirəm. Düşünürəm ki, əslində, bu iş yeni deyil. Dünya parlamentarizmində özünü göstərən bir tendensiya  parlament üzvlərinin and içməsidir. Mən çox istərdim ki, bu bizdə də bərqərar olsun. Çünki bütün digər ölkələrdə bu belədir. Millət vəkilləri öz fəaliyyətlərinə başlayarkən and içirlər. Azərbaycan dövlət qulluğu sistemində də belədir. Hərçənd ki, biz dövlət qulluqçusu sayılmırıq. Amma mühüm bir hakimiyyət qolu öz fəaliyyətinə başlayarkən bu cür andiçmə bayaq sadaladığım ənənəyə daha bir tamamlayıcı təsir göstərmiş olar.
İkinci təklifi səsləndirmək üçün ədəbi bir ifadədən istifadə eləmək istəyirəm. Azərbaycanın bir sənət adamına məxsus çox yaxşı bir deyim var ki, bir ürək bir bədəni on illərlə, yüz illərlə qoruyur. Amma gərək olanda  bəzən biz o ürəyi qorumuruq. Mənim aləmimdə Heydər Əliyev Azərbaycanın döyünən ürəyidir və bu mənada biz keçmiş sovet dönəmində də, müasir dövrdə də bu dövlətin başında duran, onu quran, qoruyub saxlayan insanın adının, şərəfinin, ləyaqətinin qorunması üçün gərəkən bir sıra addımları atmalıyıq.
Turqut Ərin “Başa bəla” kitabı sübut elədi ki, biz parlament üzvləri kimi bu yöndə müxtəlif hüquqi müstəvilərin, hüquqi bazanın yaranması üçün addım atmalıyıq. Baxın, ortada olan nədir. Konkret olaraq ulu öndərin adına bağlı insanlar, fərdlər və ya siyasi partiya təmsilçiləri hansısa addımlar ata bilərlər. Bu, fərdi bir müstəvidir. Amma bir dövlət orqanı, qurumu və ya təchizatı varmı ki, keçmiş dövlət rəhbərləri olmuş şəxslərə yönəlik hər hansı təhqiramiz hərəkətlərə yol verilərsə, onların şərəf və ləyaqətinin əleyhinə hadisələr baş verərsə, hüquqi bir dava açsınlar? Bunun üçün dediyimiz baza, dediyimiz müstəvi yoxdur. Hətta mən ulu öndəri, sadəcə, eks-prezident statusuna daxil eləməyin də əleyhinəyəm. Heydər Əliyev Azərbaycan dövlətçiliyinin, dövlətinin simvoludur. Bu simvolun qorunması üçün biz gərəkən müxtəlif addımlar atmalıyıq. Bu bizim qarşıdakı sessiyada görəcəyimiz işlərdən biri ola bilər.
Cənab Sədr, indi deyəcəyim məsələ bəlkə də bir az mübahisə doğuracaqdır. Çünki bu bilavasitə Konstitusiya islahatları ilə bağlı  məsələdir. Mən, sadəcə, istəyirəm ki, bu fikirlər cəmiyyətə çıxsın, müxtəlif reaksiyalar doğursun. Bəri başdan deyim ki, mənim səsləndirdiyim məsələ unitar dövlətlərə xas olan bir xüsusiyyətdir. Kim isə düşünməsin ki, mənim dediyim məhz federal və ya konfederativ ölkələrdə bərqərardır.
Mən Azərbaycanda 2005–2010-cu illərin parlament seçkilərinin reallığına baxıb bir qənaətimi sizinlə bölüşmək istəyirəm. Bilirsiniz ki, həmin seçkilərdə 2500-ə qədər namizəd var idi və 2500 namizədin hər biri təxminən 20 vədlə çıxış eləmişdi. Bu, 50 minə qədər vəd demək idi. Parlament üzvü kimi biz getdikcə daha artıq dərəcədə kommunal təsərrüfat sistemi ilə bağlı olan yerli xarakterli məsələlərin həllində iştirak etməyə, rol oynamağa başlamışıq. Bu bizim gerçəkliyimizdir. Bəlkə də 2030-cu ilin, 2040-cı ilin parlament üzvünün vəzifələri və ictimai statusu ayrı olacaq. Amma indiki gerçəklikdə öz bölgəsinə gəlməyən, yerli təsərrüfat işində iştirak eləməyən, məktəbə yardım eləməyən parlament üzvünün nüfuzu aşağı düşmüş olur. Bu bizim gerçəkliyimizdir. Bunu inkar eləmək mümkün deyil.
Ona görə də mən ikipalatalı parlament ideyasından çıxış eləyirəm.  Azərbaycanda 1990-cı illərin ortalarında da bu məsələ var idi. Buna etirazlar da ola bilər. Mən bunu anlayışla qarşılayıram. Amma məncə, bu mərhələdə bir qolu sırf qanunvericilik işləri ilə məşğul olan, başqa bir qolu isə gerçək yerli məsələlərə də müdaxilə eləyən parlamentin yaradılmasına ehtiyac var.
Cənab Sədr, mən sosial amnistiya məsələsini gündəmə gətirmək istəyirəm. Ötən dəfə də biz bunlara toxunduq. Bir gerçəklikdir ki, Azərbaycan vətəndaşları hər hansı səbəbdən müxtəlif kommunikasiya, infrastruktur yaxınlıqlarında kütləvi olaraq ev salıblar və orada yaşamaqdadırlar. Bu quruculuq işləri bəzi insanların həyatına da təsir göstərmiş olur. Biz onu bilməliyik ki, siyasi sabitliyin ən başlıca dayağı iqtisadi sabitlikdir. Mülkiyyət toxunulmazlığını bir müqəddəs dəyər kimi qəbul eləməliyik. Belə olan təqdirdə mən təklif edirəm ki, cənab Prezident bu evlərin vətəndaşlara sənədləşdirilməsi ilə Azərbaycan insanına humanist mövqeyini bir daha nümayiş etdirsin. Prezident vətəndaşları əfv etməklə, enerji borclarını bağışlamaqla bunu dəfələrlə göstəribdir. Onsuz da vətəndaş bu evdə 20 ildir yaşayır. O, müxtəlif mərhələlərdən keçib. Bəllidir, necə keçib. Belə olan təqdirdə belə bir sosial amnistiya qərarı cəmiyyətin tamamilə xeyrinə olardı. Yəni bu, sıfır vəziyyətinə gətirilir və bundan sonra qərar verilir ki, qeyri-qanuni tikilən evlər söküləcəkdir. Yoxsa 10 minlərlə insanın həyatına toxunan addımlar atmaqla, ayrı-ayrı yerlərdə söküntülərlə biz problemi həll eləməyəcəyik. Əksinə, ayrı-ayrı insanları narazı salmış olacağıq ki, onlar da kiminsə auditoriyasına çevriləcək.
Mən bir məsələyə də diqqəti cəlb etmək istəyirəm. Hörmətli həmkarım Siyavuş Novruzov artıq bir neçə dəfədir bunu parlamentdə, eyni zamanda, mediada gündəmə gətirir. Son hadisələr, yəni İslam Partiyasının qeyri-qanuni fəaliyyət göstərməsinin özü sübut elədi ki, “Siyasi partiyalar haqqında” Qanuna yenidən baxılmalıdır. Təkcə ona görə yox ki, Konstitusiya ondan sonra qəbul olunub, təkcə ona görə yox ki, min nəfər formal üzvlə partiya olmaq mümkündür, həm də ona görə ki, iqtisadi sferada qeydiyyata alınmamış, vöeni olmayan, yəni identifikasiya kodu olmayan bir təşkilatın məhsul istehsal eləməyi nədirsə, siyasi sistemdə də qeydiyyatdan keçmədən partiya olmaq o deməkdir. Bu, məsuliyyət yaratmalıdır. Bir aydır müraciət etmisən, sənədlərinə baxılıb, etiraz olunub. Məhkəməyə vermisən, etiraz olunub. Sən artıq partiya deyilsən. Amma indi İslam Partiyasının yerli qurumları var. Bunlar özlərini partiya adlandırırlar. Biz də onları partiya kimi qeyd eləyirik.
Çox istərdim ki, qarşıdakı 3 illik dövrdə “Siyasi partiyalar haqqında” Qanuna yenidən baxaq. 2010–2012-ci illərdə, nəhayət ki, seçkilər yoxdur. Bütün islahatları bu dövrə salmaq olar ki, kim isə incik düşsə də, bundan manipulyasiya kimi, populizm kimi istifadə eləməsin. Mən çox istəyirəm ki, nəhayət, 2011-ci ilin bu sessiyasında biz bu sənədə baxaq.
Sonuncu təklifimi səsləndirmək istəyirəm. Ünvanlı yardımlar o vaxt tətbiq olunmağa başladı ki, cəmiyyətdə daha çox  “uşaq pulları” adlandırılan,  uşaqlar üçün verilən müavinətlərin kiçik olduğu, bir az effektli işləmədiyi görünəndən sonra, nəhayət, ünvanlı yardım kimi son dərəcə xoşməramlı, hədsiz xeyirxah bir addım meydana çıxdı. Amma bunu da etiraf eləməliyik ki, bir sıra hallarda ayrı-ayrı yerli qurumların günahı ucbatından bunun ünvansız yardıma çevrilməsi halları da var. Belə olan təqdirdə  mən çox istəyirəm ki, dövlətin uşağa münasibətinin göstəricisi kimi o uşaq pulları bərpa olunsun. Bu çox anaların arzusudur. Bölgələrdə bunu bizə çox söyləyirlər. Bizim də borcumuz müəyyən məsələləri bu tribunaya gətirməkdir. Uşaq pulları bərpa olunsun. Dövlətimizin buna imkanı da var. Bu həm də bir siyasətin göstəricisidir. Bəlkə onun məbləği önəmli deyil. Mühüm olanı bunun siyasətin göstəricisi olmasıdır. Ola bilsin, bu gün kimsə düşünsün ki, Azərbaycan demoqrafik problem yaşamır və ona görə də biz Rusiyanın atdığı addımları atmalı deyilik. Amma düşünürəm ki, əksinə, biz məhz elə indi bu addımları atmalıyıq. Onsuz da cənab Prezident milli nöqteyi-nəzərdən ən müxtəlif proqramlara öz imzasını qoyubdur. Bu məsələ də müvafiq qurumlar tərəfindən işlənib hazırlanaraq təqdim olunsa, əminəm ki, cənab Prezident buna xeyir-duasını verəcək. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Amma Zahid müəllim, Siz dediniz ki, parlamentlərdə millət vəkilləri and içirlər. Mən bunu birinci dəfədir eşidirəm. Onlarca parlamentdə olmuşam, belə bir məsələ yoxdur. Dövlət qulluğunda andiçmə mərasimi var. Milli Məclis Aparatının əməkdaşları and içirlər, ancaq heç yerdə millət vəkilinin andiçmə mərasimi yoxdur.
Hörmətli millət vəkilləri, mən indi siyahıya baxıram,  hələ ki siyahıda 19 nəfərdir. 5 dəqiqəyə keçək. Özü də sizdən xahiş edirəm, sessiyanın açılışıdır, gündəlikdə məsələlərimiz var. Gündəliklə əlaqədar, məsələ ilə əlaqədar çıxış edin. Hökumətin hesabatı olacaq. Hökumətlə bağlı məsələləri orada danışarıq. İndi gündəlik ətrafında danışın.  İqbal Ağazadə.
İ.Ağazadə. Çox sağ olun, hörmətli Sədr. Mən yaz sessiyasının iş planına bir neçə məsələni operativ olaraq təklif etmək istəyirəm. Çox təəssüf edirəm ki, 10 dəqiqəni 5 dəqiqəyə endirdiniz. Kim istəyir, 5 dəqiqə çıxış eləsin. Mən 10 dəqiqə çıxış edib iş planına məsələlər təklif etmək istəyirdim.
Bir, Qarabağ məsələsi, hesab edirəm, yaz sessiyasının iş planına salınmalıdır. 2001-ci il fevral ayının 23–24-dən bu yana düz 10 ildir, Azərbaycan Parlamentində iki çağırışdır millət vəkilləri Qarabağ məsələsini müzakirə etmirlər. 10 ildir Azərbaycanın icra strukturlarının – Xarici İşlər Nazirliyinin, Müdafiə Nazirliyinin bu yöndə hansı işlər gördüyü, ATƏT-in Minsk Qrupu çərçivəsində hansı danışıqlar apardığı barədə zərrə qədər məlumatımız yoxdur. Bu 10 ildə əgər müvəffəqiyyətə doğru bircə addım atılmış olsaydı, bircə qarış Azərbaycan torpağı işğaldan azad olunmuş olsaydı və ya Ermənistana hansısa iqtisadi embarqolar tətbiq olunmuş olsaydı, deyərdik ki, bu istiqamətdə bir irəliləyiş var və bu istiqamətdə irəliləyiş olduğuna görə də müzakirəyə ehtiyac yoxdur. Amma Azərbaycan Respublikasının Milli Məclisi hakimiyyətin müstəqil qoludur, qanunverici orqandır və burada iştirak edən millət vəkilləri hökmən bu sahədə baş verən hadisələri, danışıqların hamısının mahiyyətini bilməlidir və danışıq aparan tərəflər də Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi səviyyəsində burada hesabat verməlidirlər. Bu mənim təklif edəcəyim birinci məsələ.
İkinci məsələ. Hesab edirəm ki, ombudsman da Milli Məclisə bu barədə məsələ təklif edib. Müstəqilliyimizin 10 illiyi yaxınlaşır. 28 May bizim yaz sessiyası dönəminə düşür. Amnistiya, özü də geniş miqyasda amnistiya tətbiq olunmalıdır. Təklif edərdim ki, bu amnistiya həm də ömürlük həbsə məhkum olunmuşlara, həddən artıq yaşı keçmiş dustaqlara şamil olunsun. Bu, əslində, bir qızıl amnistiya olsun və o qızıl amnistiya ömürlük həbs cəzası almış insanlar üçün ömürlük həbs cəzasının müddətli həbs cəzası ilə əvəz olunması ilə həyata keçirilsin ki, bu, vətəndaş cəmiyyətinin, barış cəmiyyətinin qurulmasına kifayət qədər ciddi təsir etmiş olsun.
Üçüncü məsələ. Siyasi məhbus məsələsini burada hörmətli millət vəkilləri də qaldırdılar və Avropanın da, beynəlxalq təşkilatların da üzərinə çox gedildi. Mən də beynəlxalq təşkilatların Azərbaycana ikili standartlarla yanaşdığının çox şahidi olmuşam və bu gün də şahidiyəm. Elə Ermənistan–Azərbaycan münaqişəsinin həllində ikili standartlar göz onündədir. Amma əgər biz ikili standartların məhz Azərbaycana tətbiq olunduğunu biliriksə, bundan ötrü niyə onlara hər hansı bir şans verək? Avropa Məhkəməsi Eynulla Fətullayevin həbsdən azad olunması və ona kompensasiya ödənilməsi ilə bağlı qərar çıxarıb. Bir tərəfdən kompensasiya ödənilir, o biri tərəfdən bir orqan onun hesab nömrəsini bağlayır, pulu da oradan silir. Yəni bu şəkildə yanaşanda, təbii ki, bizə qərəzli yanaşan digərləri də fərqli mövqe ifadə edəcəklər. Hamı bilə-bilə ki, bizi sevmirlər, bizi qəbul etmirlər, bu istiqamətdə də bizə yardım edən yoxdur, biz onların əlinə bəhanə veririk. Bu bəhanələri kəsmək lazımdır. Bu sahədə kifayət qədər mübahisəli olan, əslində, həbs cəzasının müəyyən hissəsini çəkmiş insanlar var. Onların hamısı həbsdən azad olunmalıdır ki, bu məsələ bilmərrə həll olunsun.
Azərbaycanda vətəndaşların hüquqlarının müdafiəsi sahəsində çox ciddi böhran var. Vətəndaşlar hansı instansiyaya müraciət edirlərsə, o instansiyadan qeyri-qanuni cavablar alırlar. Hətta millət vəkili olaraq biz  səlahiyyətli dövlət qurumlarına müraciət etdikdə şikayət etdiyimiz orqanın üzərinə məktub göndərirlər ki, filankəsin məsələsini araşdır. Məsələn,  vətəndaş bizə müraciət edib, icra hakimiyyətindən şikayət edir. Biz müvafiq yuxarı strukturlara məktub yazırıq ki, bu məsələlər həll olunsun. Götürür şikayət etdiyimiz icra strukturlarının üzərinə yazır ki, bunu həll elə. O da məhkəməyə müraciət edir ki, vətəndaş mənə böhtan atıb, xəbərçiliklə məşğul olub. Nəinki problemini həll etmir, hətta onu cinayət məsuliyyətinə cəlb etməkdən belə çəkinmir. Vətəndaşların bu sahədə ciddi problemi var, ictimai nəzarət mexanizmi elə şəkildə tətbiq olunmalıdır ki, vətəndaşlar etdikləri şikayətlərin cavabını ala bilsinlər.
Bu günlərdə Gədəbəy rayonundan mənim ünvanıma bir neçə instansiyadan məktub daxil olub. Vətəndaş özünü öldürmə həddinə çatıb, ailəsini yandırıb. Bu gün heç kim bu işlə ciddi məşğul olmaq istəmir. Biri deyir, xəstədir, biri deyir, ailəsində problem olub, arvadı ilə dalaşıb, özünü yandırıb. Amma məsələnin əsil mahiyyəti gizlədilir. Yaxud Nizami rayonu ərazisində döyülərək öldürülən vətəndaş, yaxud Neftçala rayonunda döyülərək öldürülən vətəndaş... Bu tipli hadisələrə dövlət olaraq, hökumət nümayəndələri olaraq, Milli Məclis olaraq çox ciddi, çox həssas yanaşmalıyıq. Çox həssas yanaşmalıyıq ki, vətəndaşların bu tipli şikayətlərinin yerinə yetirilməsinə nəzarət eləyə bilək.
Sosial müavinətlərin verilməsi sahəsində də ciddi problemlər var. 6 aylıq kartın pulunu vermədən...
Sədrlik edən. İqbal Ağazadə çıxışında ombudsmanın da amnistiya barədə müraciət etdiyini qeyd elədi. Ancaq mən bir şeyi nəzərinizə çatdırım.  Amnistiya qanununu hazırlamaq asan məsələ deyil. Amnistiya qanununun  layihəsi üzərində aylarla işləmək lazımdır. Şifahi amnistiya qanunu qəbul edilmir. Belə bir qanun layihəsi işlənib verilsə, ona baxılacaq. Musa Quliyev.
M.Quliyev. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən də hesab edirəm ki, yaz sessiyasının işlər planı kifayət qədər zəngindir və bizi yaz sessiyasında gərgin iş gözləyir. Mən bu işlər planına daha bir neçə məsələnin daxil olunmasını təklif edirəm.
Qaldıracağım birinci məsələ tütün istehlakının məhdudlaşdırılması ilə bağlı qanun layihəsinin yaz sessiyasının işlər planına salınması ilə əlaqədardır. Bu məsələ ilə bağlı Milli Məclisdə dəfələrlə söhbət olub. Artıq 5 ilə yaxındır ki, bu məsələ Azərbaycan ictimaiyyəti tərəfindən geniş müzakirə olunur, kütləvi informasiya vasitələrində tez-tez bu məsələ haqqında yazılır, danışılır.
Azərbaycan 2005-ci ildə Ümumdünya Səhiyyə Təşkilatının Tütünlə mübarizə Konvensiyasına qoşulmuşdur. Bu Konvensiyaya görə ona qoşulan hər bir dövlət öz milli qanunvericiliyində Konvensiyanın tütünlə mübarizə ilə bağlı tələblərini qəbul etməlidir.
Digər tərəfdən, artıq bütün dünyada tütünlə mübarizə çox ciddi bir şəkil almaqdadır. Avropanın, demək olar ki, bütün ölkələri, Amerika Birləşmiş Ştatlarının bir çox ştatları və MDB ölkələrinin çoxu öz milli qanunvericiliyində belə məsələləri əks etdirmişlər. Bu qanunun qəbul olunmasında, düşünürəm ki, elə ciddi problem olmayacaq. Həm ictimai rəy hazırdır, həm də  millət vəkillərinin bu məsələyə kifayət qədər dəstəyi olacaqdır. Bu qanunu qəbul etməklə biz ictimaiyyətimizi çox böyük bir bəladan xilas etmiş olacağıq. Tək bir faktı söyləyim ki, siqaret tüstüsündə 4 minə yaxın zərərli maddə vardır ki, onların 60-dan çoxu kanserogen, yəni birbaşa xərçəng törədən maddələrdir.
Eyni zamanda, onu xatırlatmaq istəyirəm ki, hörmətli Oqtay müəllim, 2001-ci ildə biz “Tütün və tütün məmulatı haqqında” Qanun qəbul etmişik. O qanunun da bir fəslində tütün istehlakının məhdudlaşdırılması ilə bağlı müddəalar vardır. Təəssüf ki, həmin müddəalar da indiyə qədər yerinə yetirilməyib. Bizim Milli Məclisdə ona yaxın deputat həm də universitet rəhbəridir. Onlardan xahiş edərdim ki, bu qanun qəbul olunana qədər həmin qanuna əsaslanaraq, heç olmasa, təhsil müəssisələrində siqaret çəkilməsinin məhdudlaşdırılması üçün daxili tədbirlər görsünlər. Elə Milli Məclisin özündə də foyelərin hər yerində siqaret çəkmək üçün şərait yaradılıb, zibil qabları qoyulub. Burada da müvafiq qaydada nizam-intizam yaratmaq olar.
Qaldıracağım digər məsələ Qarabağ əlillərinin mənzil məsələsinin yaxşılaşdırılması ilə bağlıdır. Cənab Prezidentin tapşırığı ilə ölkəmizdə daim əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində siyasət aparılır. Qarabağ əlillərinin və şəhid ailələrinin mənzillə təminatının yaxşılaşdırılması məsələsi də bu siyasətin tərkib hissəsi kimi daim gündəmdədir və bu iş respublikanın hər yerində fəal surətdə həyata keçirilir. Artıq 3000-dən çox Qarabağ əlili və şəhid ailəsi dövlət tərəfindən tikilib onlara hədiyyə edilən, hər cür şəraiti olan mənzillərlə təmin olunmuşdur.
Seçicilərlə görüşlərimiz zamanı belə bir aktual məsələ ortaya çıxdı ki, Qarabağ əlili illərlə mənzil növbəsində dayanır. Mənzil növbəsi yaxınlaşanda Qarabağ əlili vəfat edirsə, onun ailəsi avtomatik olaraq o imtiyazlardan məhrum olur və növbədən çıxarılır. Ailə həm ailə başçısını itirir, həm də mənzil almaq imkanından məhrum olur. Ona görə təklif edirəm ki, “Əlillərin sosial müdafiəsi haqqında” Qanunda dəyişiklik olunsun. Qanunda göstərilsin ki, Qarabağ əlili vəfat etdikdə imtiyazlı mənzil almaq hüququ onun ailə üzvlərinə verilir. Qeyd edim ki, Böyük Vətən müharibəsi əlillərinə bu məsələ artıq şamil olunmuşdur.
Təklif edəcəyim daha bir məsələ İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlıdır. Biz Əmək Məcəlləsinə əmək intizamının möhkəmləndirilməsi, işçilərin əmək şəraitinin yaxşılaşdırılması, əmək müqaviləsinin bağlanması, əmək kitabçasının açılması ilə bağlı  kifayət qədər dəyişiklik etmişik. Amma bu dəyişikliklərin bir çoxu İnzibati Xətalar Məcəlləsində öz əksini tapmadığına görə bəzən işə götürənlərlə işçilər arasında müəyyən konfliktlər yaranır və o məsələlərin Dövlət Əmək Müfəttişliyi tərəfindən həll olunması üçün müəyyən sanksiyalar olmur. Mən Əmək Məcəlləsində nəzərdə tutulan bir sıra məsələlərin İnzibati Xətalar Məcəlləsinə salınmasını təklif edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Musa müəllim, amma bir şeyi nəzərinizə çatdırım ki, Milli Məclisin foyelərində siqaret çəkmək yeri yoxdur. İndi Siz bunu nəyə əsasən deyirsiniz, bilmirəm. Məgər zibil qabı ancaq siqaret çəkmək üçündür? O zibil qabı təmizliyi təmin etmək üçün qoyulub, siqaret çəkmək üçün qoyulmayıb. Siqaret çəkməyin yerləri var.
Hörmətli millət vəkilləri, görürəm, çox təkliflər gəlir. Ancaq çoxunuz neçə illərdir parlamentdəsiniz, bilirsiniz ki, qanunvericilik işləri planı əvvəlcədən layihə şəklində hazırlanır, təhvil verilir ki, Məclisdə baxılsın və təsdiq edilsin. İndi bu təkliflər verilib, amma bu təkliflər gündəliyə düşən deyil, çünki onlara komitələrdə baxılmayıb. Ona görə bu məsələlərdə bir az diqqətli olmağınızı xahiş edirəm. Elmira Axundova, buyurun.
E.Axundova. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri, Milli Məclisin 2011-ci il yaz sessiyasının qanunvericilik işləri planını kifayət qədər ciddi sayıram. Buraya çox mühüm əhəmiyyət kəsb edən məsələlərin salınmasını, təhsil və səhiyyə ilə bağlı qanunların daxil edilməsini dəstəkləyirəm və gündəliyə, əlbəttə ki, səs verəcəyəm. Bununla yanaşı, bəzi  fikirlərimi sizinlə bölüşmək, təkliflərimi vermək istərdim.
Son illərdə respublikamızda nəhəng infrastruktur layihələri uğurla həyata keçirilir. Həm Bakı, həm də rayonlarımız abadlaşır, gözəlləşir, müasirləşir. Lakin mənə elə gəlir ki, insanların həyat səviyyəsinin yüksəldilməsində, maaşların, təqaüdlərin artırılmasında, gənc ailələrin dövlət tərəfindən dəstəklənməsində, ahılların çoxsaylı problemlərinin həllində və bu kimi sosial məsələlərdə biz bir qədər ləngiyirik. Məsələn, həm orta, həm də ali məktəb müəllimlərinin maaşı çox aşağıdır. Belə maaşla nə dolanmaq, nə də işə məsuliyyətli yanaşmaq olar. Ali məktəblərin müəllimləri yaxşı halda iki-üç yerdə işləməli olur, pis halda isə tələbələrin əlinə baxırlar.
Təqaüd məsələsinə gəlincə, burada da ədalətsizliklər müşahidə olunur. Seçkiqabağı görüşlərdə mən bir çox qocaman müəllimlərlə görüşmüşəm. Onların da mənə bir sözü var idi: “Necə olur ki, mən məktəbdə 45–50 il fasiləsiz işləmişəm, respublikamız üçün minlərcə dəyərli vətəndaş, yüzlərcə mütəxəssis, onlarca elm adamı yetişdirmişəm, indi isə ahıl yaşımda da işləməliyəm, çünki 85 manat pensiya ilə heç cür dolana bilmirəm”. Məgər bu qrup insanların təqaüdlərini təzə prinsip əsasında, yəni staj nəzərə alınmaqla yenidən hesablamaq olmazmı? Yəqin ki, bunun üçün də biz müvafiq qanunlara düzəlişlər etməliyik.
Banklarda dondurulmuş əmanətlər məsələsinə də baxılmalıdır. Bu əmanətlər, heç olmasa, ahıl insanlara, Böyük Vətən müharibəsi iştirakçılarına, Qarabağ əlillərinə və sair qrup insanlara qaytarılmalıdır.
Məncə, dövlət qurumlarında işləyən insanların da maaşları qaldırılmalıdır. Çünki hazırda nazirliklərdə, yerli icra strukturlarında işləyən mütəxəssislər 150–300 manat arasında maaş alırlar. Bu həm indiki istehlak bazarının səviyyəsinə uyğun deyil, həm də neqativ halların, rüşvətxorluğun səviyyəsinin artmasına səbəb ola bilər. Bunu Korrupsiyaya qarşı komissiyanın axırıncı iclasında da açıq şəkildə qeyd etdilər. Yerli icra strukturlarında, hüquq mühafizə orqanlarında, başqa dövlət qurumlarında işləyən insanların bəziləri gündəlik işləri barədə, insanlara kömək etmək, onların problemlərini həll etmək barədə yox, sanki bircə şey – kimdən, haradan, hansı üsulla pul qazanmaq barədə fikirləşirlər. Bu üsulların isə heç də hamısı qanuni olmur. Təsadüfi deyil ki, Prezident Aparatına, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya, millət vəkillərinə bu barədə çoxlu şikayət ərizələri gəlməkdə davam edir. Misal üçün, Sosial siyasət komitəsinin ünvanına daxil olan ərizələrin həcminə və hörmətli sədrimiz Hadi Rəcəblinin qəbuluna gələn yüzlərlə vətəndaşın şikayətlərinin məzmununa nəzər salmaq kifayətdir.
Bir sözlə, sosial sahədə problemlərimiz çoxdur. Mən uğurlarımızı da görürəm, bilirəm, onları daim yerlərdə təbliğ edirəm. Lakin həll edilməmiş, həllini illərlə gözləyən problemlər də var və onlar cəmiyyətdə müəyyən sosial gərginliklər yaradır. İstərdim ki, biz millət vəkilləri belə problemləri daim qaldıraq, dövlət qurumlarından onların həllini xahiş və tələb edək, müvafiq qanunlara lazımi əlavə və dəyişikliklərin edilməsinə nail olaq.
Oqtay müəllim, Sizin sözünüzə qüvvət, mən  özüm də bir ay qabaq bu istiqamətdə  bir sıra qanunvericilik təşəbbüsləri ilə çıxış etmişəm. Onları yazılı surətdə komitə sədri Hadi Rəcəbliyə təqdim etmişəm. Ümid edirəm ki, onlara diqqətlə baxılacaq və bəzi məsələlər öz müsbət həllini tapacaqdır. Diqqətinizə görə çox sağ olun.

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Sağ olun. Fazil Mustafa.
F.Mustafa. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Mən  ilk öncə qanunvericilik işləri planının strukturunun dəyişdirilməsi barədə təklif vermək istəyirəm. Bildiyiniz kimi, Konstitusiyanın 93-cü maddəsində Milli Məclisin qəbul etdiyi aktlar konkret olaraq göstərilir: Konstitusiya qanunları, qanunlar və qərarlar. Biz bütün hallarda ancaq qanunlardan söhbət aparırıq. Hazırlanan qərarların və bir də, qəbul olunmamış Konstitusiya qanunlarının burada əks olunması vacibdir.
Mən nəyi nəzərdə tuturam? 2008-ci ilin referendumunu xatırlayırsınızsa, burada hamı, xüsusilə də iqtidar mənsubları bu referendumun böyük tarixi əhəmiyyəti olduğunu qeyd edirdilər və burada qəbul olunan qərarların Azərbaycanda siyasi sistemin, hüquq və azadlığın inkişafına yardım edəcəyini deyirdilər. Üstündən 3 il keçib, amma həmin referendumda qəbul olunan müddəalar barədə qanun qəbul olunmayıb.
Xalq səs verib ki, bu müddəaları dəyişin, mənim mənafeyim bunu tələb edir, amma Milli Məclis hələ buna reaksiya vermir. Məsələn, bələdiyyələrin hesabatı barədə qanun layihəsini və əvvəllər prezident olmuş şəxslərin hüquqlarının qorunması haqqında qanun layihəsini qeyd etmək olar. Üstəlik, Normativ hüquqi aktlar haqqında qanun layihəsi qəbul olunandan sonra deputatların təşəbbüs hüququ xeyli məhdudlaşdı və burada da bəzi müddəalar gələcəkdə Konstitusiyaya müəyyən ziddiyyət təşkil edəcək. Təsəvvür edin ki, 40 min seçiciyə qanunvericilik təşəbbüsü hüququ veririk və iki ay müddətində həmin məsələyə Milli Məclisdə baxılmalıdır. Amma ekspertlər iki ay müddətinə rəy verməsələr, gecikdirsələr, onda buna baxılmayacaq, yenə Konstitusiya pozulacaq. Ona görə də qanunların Konstitusiyaya uyğunlaşdırılması məsələsinə bir daha diqqət yetirməyimiz vacibdir.
Bu sənəddə Pasiyentin hüquqları haqqında çox mühüm bir qanun layihəsi var, mən onun qəbulunun tərəfdarıyam. Burada deputat həmkarım Zahid Oruc məsələ qaldırdı ki, vətəndaşlar İrana getməkdən imtina etsinlər. Hansı sahədə nəyi bağlayırsınızsa, bağlayın, amma Azərbaycan xəstəxanalarının əlindən İrana gedən, müalicə olunub həyatını xilas edən insanlara rəhminiz gəlsin. Qoyun, onlar gedib müalicə olunsunlar. Pasiyentin hüququnu qoruyan mexanizm olmadığına görə yüzlərcə adam naşı həkimlərin fəaliyyəti nəticəsində, – təbii ki, gözəl həkimlərimiz də var, – həyatlarını itirirlər, şikəst olurlar. Bu faktları hamı bilir, bunu gizlətməli deyilik ki. Azərbaycanda səhiyyə sisteminin hansı vəziyyətdə olduğunu məgər bilmirik? Dövlət bu  iş üçün xeyli pul xərcləyir. Avadanlıq, hər şey alınır, ancaq onu işlədən mütəxəssislər tapmaq çətin olur, çünki  təhsil sistemi  yetərli səviyyədə deyil. Ümumiyyətlə, təcrübə yetərli səviyyədə deyil və müasir tibbin standartlarına cavab verəcək qabiliyyətə sahib mütəxəssislərimiz də azdır. Azərbaycanın valyutasının İran, Rusiya, Türkiyə xəstəxanalarına axmasının qarşısını almaq üçün bu sahədə ciddi bir islahat və dönüş yaratmağımız olduqca vacibdir.
Digər bir məsələ. Vəzifəli şəxslərin məsuliyyəti məsələsi ilə bağlı qanunvericiliyin təkmilləşməsinə diqqət yetirməliyik. Diqqət eləyin, bu gün tez-tez korrupsiyadan danışılır. Baxın, mən bir nümunə göstərmək istəyirəm. Millət vəkili seçildiyim Bakıxanov qəsəbəsinin ərazisində Bakı fəhləsi zavodu var. 2009-cu ildən Keşlə maşınqayırma zavodu ləğv olunub, onun tərkibinə verilib, işçilər də ora transfer olunublar, 2009-cu ilin aprel ayından yüzlərcə fəhlə mənə müraciət edib ki, maaş ala bilmirik. 2009-cu ilin aprel ayından maaş ala bilməyən Azərbaycan fəhləsi aclıq içində qalanda bunun mənəvi məsuliyyətini kim daşıyacaq? Zavodun səhmdar cəmiyyətinin sədri İslam Feyziyev ancaq yaxın qohumlarına maaş verir. Pul da, gəlir də kifayət qədərdir, amma yalnız yaxın qohumlarına pul verir. Yüzlərcə fəhlə Prezident Administrasiyasının qarşısına yığılır, dövlət orqanlarına müraciət edir, amma bir məsuliyyət daşıyan yoxdur. Nə olar, səhmdar cəmiyyəti olanda, bu, insan haqlarına aid məsələdir, insanın taleyidir, o, evinə çörək aparmalıdır. Bunu nəzərə almaq lazımdır. Ona görə də bu sahədə qanunvericiliyin inkişaf etməsi vacibdir.
Bir də, Siyasi partiyalar haqqında qanun layihəsi yenidən gündəliyə çıxarılmalıdır. Dəfələrlə burada səsləndi, ölkədə siyasi islahatların keçirilməsinin əyani nümunəsi “Siyasi partiyalar haqqında” Qanunun yeniləşdirilməsi və ya yenidən qəbul edilməsidir. Bu addım atılmasa və siyasi partiyaların rolu aşağı olsa, Azərbaycan cəmiyyətində çox ciddi təhlükələr,  problemlər yaşanacaq. Ona görə biz bu gün bu problemin həllini ciddi şəkildə  ortaya qoymalıyıq.
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli millət vəkilləri, hörmətli media mənsubları! Hesab edirəm ki, iş planının müzakirəsi ilə əlaqədar olaraq 5 dəqiqə vaxt çox azdır. Mən Milli Məclisin rəhbərliyinin diqqətinə çatdırmaq istəyirəm ki, bizdə çox qəribə bir ənənə formalaşıb. Deməli, ciddi məsələ müzakirə olunanda millət vəkillərinin bu məsələyə marağı çox olur və çox adam da yazılır. Ona görə də biz hər dəfə çox adam yazılıb deyirik və çıxışları 5 dəqiqəyə endiririk. Amma o məsələlər ki o qədər maraq doğurmur, 2–3 nəfər yazılır, onda 10 dəqiqə danışmaq olar. Deməli, bizim Milli Məclisin iş prinsipi budur. Əhəmiyyətli məsələlərlə bağlı 5 dəqiqə, əhəmiyyətsiz məsələlərlə bağlı 10 dəqiqə danışmaq lazımdır. Yəni bu məntiqlə...
Sədrlik edən. Qüdrət müəllim, bu, Milli Məclisin iş prinsipi deyil. Bu, kollegial orqandır. Belə  məsələlərdə biz həmişə məsləhətləşirik. Deputatlar belə bir təklif veriblər, belə də olur. Yəni buna normal baxmaq lazımdır. Buyurun, davam edin.
Q.Həsənquliyev. Mən həm də iradımı elə öz deputat həmkarlarıma bildirirəm. Deməli, hökumətin hesabatı, büdcə və bu kimi ölkə həyatı ilə bağlı ən ciddi məsələlər müzakirə ediləndə biz həmişə deyirik ki, çox adam yazılıb, ona görə də 5 dəqiqəyə keçirik. İş planında çox ciddi qanun layihələri var. Məsələn, Kənd təsərrüfatı kooperasiyası haqqında qanuna çox ciddi diqqət yetirilməlidir. Elm siyasəti, ali təhsil haqqında çox vacib qanun layihələri var. Bundan başqa, 4 məcəllə qəbul edəcəyik. Mən bunları alqışlayıram, bəyənirəm və hesab edirəm ki, bunlar, doğrudan da, ölkə həyatı üçün çox vacib sənədlərdir.
Mən nəyi təklif edirəm? Vaxtilə burada Yeni Azərbaycan Partiyasının nümayəndələri də bu məsələni qaldırıblar. Mübariz Qurbanlı bunu qaldırıb, Əli Əhmədov bu fikri dəstəkləyib ki, biz mütləq işğal olunmuş ərazilərin hüquqi statusu ilə bağlı qanun qəbul etməliyik. Biz bu qanunu qəbul etməyəndə, bunu insanların öz vicdan və şərəf məsələsi kimi buraxanda Köçəryanın direktorlar şurasının üzvü və müstəqil direktor olduğu şirkət Azərbaycanda neft işləri ilə məşğul olacaq. Yaxud da İsa Qəmbər gedib Ter-Petrosyanla əməkdaşlıq haqqında saziş imzalayacaq. Bilirsiniz, biz bunu insanların öz şərəf məsələsi kimi buraxa bilmərik. Biz qanun qəbul etməliyik və buna qadağa qoymalıyıq. Nə qədər ki bizim torpaqlarımız Ermənistan tərəfindən işğal olunub, rəhbərliyində erməninin təmsil olunduğu heç bir şirkət Azərbaycanda iş görə bilməz və heç bir azərbaycanlı erməni təşkilatı ilə əməkdaşlıq edə bilməz. Ona görə də bu qanunu yubatmadan qəbul etmək lazımdır. Qonşu Gürcüstan bu qanunu qəbul edib. Mən hesab edirəm ki, bizim də bu qanunu qəbul etməyimizə çox böyük ehtiyac var.
Bundan başqa, digər bir vacib məsələni də qeyd etmək istəyirəm. Cənab Prezident Milli Məclisdəki çıxışında qeyd etdi ki, biz siyasi sistemi gücləndirməliyik. Biz iqtisadi islahatları özümüz inkişaf etdiririk, amma siyasi sistemi gücləndirmək tək bizdən, yəni Yeni Azərbaycan Partiyasından asılı olan məsələ deyil, onun üçün digər siyasi partiyalar inkişaf etməlidir. Bunun üçün də Siyasi partiyalar haqqında yeni qanunu, nəhayət ki, qəbul etmək lazımdır. Partiyalar dövlət tərəfindən maliyyələşdirilməlidir. Bununla əlaqədar olaraq biz mütləq yaz sessiyasında iş planına yeni qanunu salmalıyıq və bu qanun qəbul olunmalıdır.
Bundan başqa, biz əfv və amnistiya haqqında yeni qanunlar da qəbul etməliyik. Bizim bəzi millət vəkilləri çıxış edəndən sonra çıxıb gedirlər. Ondan sonra biz danışanda çıxıb mətbuatda deyirlər ki, filankəs mənim dalımca danışdı. Keçən sessiyada xanım deputatlardan biri mətbuatda belə bir açıqlama vermişdi. İndi də İqbal bəy danışdı və çıxıb getdi. Mən hesab edirəm ki, ömürlük azadlıqdan məhrum olunmuş şəxslərin cəzasının azaldılması və sair və ilaxir barədə deputata yaraşmayan  çox məsuliyyətsiz bir açıqlama verdi. Vallah, mən səmimi şəkildə deyirəm, ola bilsin, bu ağrı-acını yaşamayan adamlara bu, asan gələ bilər. Mən İqbal bəyin ailəsinə elə bir faciə arzulamıram. Məsələn, mən arzulamıram ki, onun uşağını,  yaxud  qardaşını, bacısını və sairi kimsə qətlə yetirsin və sonradan o adamın cəzasını azaltsınlar. Yəni bu qədər məsuliyyətsiz bəyanat vermək olar?
Bu yaxınlarda Amerika Birləşmiş Ştatlarında iki bacını qubernatorlardan biri əfv etdi. İki nəfərin əfv olunması Amerika miqyasında böyük bir hadisəyə çevrilmişdi. Bizdə az qala ildə iki dəfə əfv olur. Özü də onların sayı yüzlərcədir. Hər iki ildən bir amnistiya qəbul olunur. Biz axırıncı dəfə iki il bundan öncə hörmətli Mehriban xanımın təşəbbüsü ilə amnistiya haqqında qanun qəbul etdik. İndi biz necə bir cəmiyyət yaratmaq istəyirik? Ortaya statistika qoyulub ki, Azərbaycanda törədilən cinayətlərin neçə faizi vaxtilə məhkum olunmuş şəxslər tərəfindən törədilib. Az qala bu, 80–85 faiz təşkil edir. Cinayətkarlara qarşı nə cür mübarizə aparmaq istəyirik? Hamımız hüquq mühafizə orqanlarını tənqid edirik. Onlar tuturlar, biz də açıb buraxırıq. Mən hesab edirəm ki, amnistiya ən azı 5 ildə  bir dəfədən tez olmayaraq verilməlidir. Hər il onsuz da hadisələr olur da. Keçən il Pənah Hüseyn təşəbbüs qaldırmışdı, bu il Elmira Süleymanova.
Mən hesab edirəm ki, 20 illiklə bağlı başqa addımlar atılmalıdır. Bizə dövlət müstəqilliyini bəxş etmiş Azərbaycan Xalq Cümhuriyyətinin banisi, – burada elə İqbal bəyin özü dedi, – Rəsulzadəyə abidə qoymaq lazımdır. Əbülfəz Elçibəyə abidə qoymaq lazımdır. Vahid Əhmədov söylədi, biz burada müzakirə açmalıyıq və Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasında iştirak etmiş, pensiya yaşına çatmış insanlara dövlət tərəfindən xüsusi pensiyalar verilməlidir. Bundan başqa, biz təhsildəki vəziyyəti müzakirə etməliyik. O gün Misir müəllimin bir açıqlamasını oxudum,  ürəyim ağrıdı. Baxmayaraq ki, dövlət, Heydər Əliyev fondu xeyli sayda məktəblər tikir, bu gün Azərbaycanda 262 məktəb qəza vəziyyətindədir. Axı bizim dövlətin imkanları var, bu problemi qısa müddətdə həll etmək lazımdır. 
Sədrlik edən. Sağ olun. Fəzail Ağamalı.
F.Ağamalı. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Mən təqdim edilmiş layihədə öz əksini tapan qanun layihələrinin yaz sessiyasında müzakirəsinə tərəfdaram və iş planına müsbət münasibətimi bildirəcəyəm. Gələcəkdə də həmin qanun layihələrinin müzakirəsində çalışacağam ki, öz fikirlərimi diqqətinizə çatdıram.
Bununla bərabər mənim bir neçə təklifim var. Hörmətli Ziyafət müəllim, düşünürəm ki, qanunvericilik işləri planı bir layihə şəklində olduğuna görə bizim təkliflərimiz də nəzərə alınmaqla ona bir də baxmaq, onu təkmilləşdirmək olar. Burada millət vəkilləri tərəfindən kifayət qədər zəruri olan məsələlər qaldırılır. Onlar da bura əlavə edilə bilər və beləliklə, biz yaz sessiyası dövründə təkmilləşmiş iş planına uyğun olaraq işimizi apara bilərik. Düşünürəm ki, bu daha səmərəli, daha yaxşı olar. Mən ilk növbədə diqqətə çatdırmaq istəyirəm ki, Konstitusiyamıza bir sıra əlavə və dəyişikliklər edildi. Çox yaxşı haldır ki, ondan sonra qanunvericilik aktları həmin dəyişikliklərə uyğunlaşdırıldı və bir sıra qanunlar qəbul olundu. Bu proses çox yaxşı gedir. Mən təklif edərdim ki, eks-prezidentlər haqqında qanun layihəsi hazırlansın və yaz sessiyasında müzakirəyə təqdim olunsun.
Burada məndən öncə çıxış edən Zahid Orucun fikrini bir daha əsaslandırmaq istəyirəm ki, bir sıra hallarda Azərbaycan xalqı qarşısında müstəsna xidmətləri olan, müasir Azərbaycan dövlətinin qurucusu, yaradıcısı  və bütün xalqın lideri kimi qəbul edilən Heydər Əliyev haqqında kimsə  böhtan, şər, qərəzli fikirlər yayırsa, onun şərəf və ləyaqətinə hücumlar edilirsə, biz heç nə edə bilmirik, çünki qanun yoxdur. Bu boşluqdan  istifadə edirlər və ağzına gələni yazırlar. Bu cür hallar davam edə bilər. Digər baxımdan da düşünürəm ki, eks-prezidentlər haqqında qanunun hazırlanıb müzakirəyə verilməsi əhəmiyyətli olardı.
İkinci, burada deyildi, siyasi sistemin təkmilləşməsində siyasi partiyaların yeri və rolu şəksizdir. Ona görə mən də o təkliflə razıyam ki, Siyasi partiyalar haqqında qanun layihəsi hazırlansın və müzakirəyə təqdim olunsun. Bu yaxınlarda mən Yeni Azərbaycan Partiyasının siyasi elitasının təmsilçilərindən biri olan hörmətli həmkarımız Siyavuş Novruzovun bununla bağlı təsnifatını kütləvi informasiya vasitələrindən oxudum. Kifayət qədər maraqlı təsnifat idi. Lakin bunlar qanun şəklinə salınaraq bizim müzakirəmizə verilməlidir. Mən düşünürəm, bunun üçün Milli Məclisin rəhbərliyi müvafiq komitəyə və şöbələrə tapşırıq verməlidir ki, bu qanun layihəsi işlənib hazırlansın və təqdim edilsin.
Üçüncü, dünyanın əksər ölkələrində siqareti qadağan edən qanunlar qəbul edilir və bu, birmənalı şəkildə icra edilir. Mən də təklif edərdim ki, Azərbaycanda ictimai yerlərdə siqaret çəkilməsini qəti şəkildə qadağan edən qanun layihəsi işlənib hazırlansın və müzakirəyə təqdim olunsun. Belə bir qanunun qəbulu, düşünürəm ki, vacib və əhəmiyyətlidir.
Dördüncü, bəlli olduğu kimi, Azərbaycan özünün kənd təsərrüfatı ilə xüsusi olaraq fərqlənir və buranın iqlim şəraiti bütün kənd təsərrüfatı məhsullarının yetişməsi üçün tam şərait yaradır. Son illər ölkə Prezidentinin xüsusi tapşırığı əsasında Azərbaycan Respublikasında bununla bağlı çox ciddi işlər görülməkdədir və əhalinin ərzaq təhlükəsizliyinin təminatı ilə bağlı konkret addımlar atılır. Ayrı-ayrı qanun layihələri, xüsusilə Gömrük Məcəlləsi müzakirə olunanda  görək bu hansı səviyyədə öz əksini tapacaqdır. Mən təklif edərdim ki, Azərbaycana idxal edilən kənd təsərrüfatı məhsullarına qoyulan rüsumun səviyyəsi artırılsın. Bu həm də ərzaq təhlükəsizliyi baxımından əhəmiyyətlidir, çünki xaricdən gətirilən məhsulların  ekoloji cəhətdən sağlamlığımıza nə dərəcədə ziyan verib-verməməsi bu gün kifayət qədər suallar doğurur. Sağ olun.
Sədrlik edən. Sağ olun. Əli Məsimli.
Ə.Məsimli. Təşəkkür edirəm, Ziyafət müəllim. Milli Məclisin 2011-ci il yaz sessiyasının qanunvericilik işləri planında kifayət qədər sanballı qanun layihələri öz əksini tapıb. Hesab edirəm ki, Milli Məclis bu qanun layihələrini qəbul etməklə həmin sahələrdə qanunvericilik bazasının möhkəmləndirilməsi istiqamətində irəliyə doğru mühüm addım atacaq.
Amma mən bu sənədi hökumətin fəaliyyəti ilə Milli Məclisin fəaliyyətinin nə dərəcədə əlaqələndirilməsi kontekstindən bir balaca təhlil etmək istəyərdim. Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunan iclasında   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qarşıda duran vəzifələr barəsində 17 maddədən ibarət təklifləri irəli sürülüb. Bu bizim 17 maddədən ibarət işlər planı ilə nə dərəcədə səsləşir? Çox maraqlıdır ki, hakimiyyətin qollarının fəaliyyətinin koordinasiyasının gücləndirilməsi baxımından orada irəli sürülən təkliflər bu yaz sessiyasının gündəliyinə daxil olan sənədlərlə həmahəngdir. Eyni zamanda, bunu gücləndirməkdən ötrü bəzi məqamları da əlavə olaraq qeyd etməyi vacib hesab edirəm. Məsələn, xahiş edərdim, vergi sahəsində köklü və əsaslı tədbirlərin görülməsi məsələsi ilə bağlı hələ ötən il vergi yükünün azaldılması istiqamətində irəli sürdüyüm təkliflər gündəliyə salınsın və bu məsələyə baxılsın.
İkinci qeyd eləmək istədiyim məsələ kənd təsərrüfatı ilə bağlıdır. Bizim  qanunvericilik işləri planında Kənd təsərrüfatı kooperasiyası haqqında qanun layihəsi var. Bura Ərzaq təhlükəsizliyi haqqında  qanun layihəsinin də salınmasını çox vacib hesab edərdim.
İkinci qrupa daxil olan məsələlər də çox maraqlıdır. Hesab edirəm ki, bu da yeni dövrün tələblərinə uyğun olaraq idarəetmə sisteminin təkmilləşdirilməsi məsələləridir. Burada inhisarçılıq meyillərinin qarşısının alınması, bürokratik əngəllərin aradan qaldırılması, rüşvətxorluq və korrupsiyaya qarşı mübarizənin və ictimai nəzarətin gücləndirilməsi məsələləri var. Hesab edirəm ki, burada qəbul edəcəyimiz sənədlərdə xeyli dərəcədə bu məsələlər öz əksini tapmışdır. Bundan əlavə, qida məcəlləsinin, ticarət haqqında qanunun, bəlkə də ayrıca bir çörək haqqında qanunun da qəbul edilməsini vacib hesab edirəm.
Üçüncü qrup məsələlər ordu quruculuğu sahəsində görülən işlərə aiddir. Burada qeyd olunduğu kimi, işğal olunmuş ərazilər haqqında qanun layihəsinin qəbul edilməsinin sürətləndirilməsi çox vacibdir. Dördüncü məsələ müstəqilliyimizin bərpasının 20 illiyinə həsr olunmuş geniş tədbirlərin həyata keçirilməsi ilə bağlıdır. Güman edirəm ki, Milli Məclis öz gündəliyində bu məsələyə geniş şəkildə baxacaq. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Hörmətli deputatlar, hesab edirəm, biz işlər planını kifayət qədər müzakirə etdik. Təkid edən varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Jalə xanım, buyurun.
J.Əliyeva. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Mən də öz növbəmdə yaz sessiyasının başlanması münasibətilə hər birinizi təbrik edirəm və işlərinizdə uğurlar arzulayıram. İş planında, təbii ki, əhəmiyyətli məsələlər var və bunların hər biri ölkə həyatı üçün aktualdır.
Mən bir aktual məsələyə də toxunmaq istəyirəm. Bilirsiniz ki, bu günlərdə Milli Elmlər Akademiyası soyadların yeni seçim sistemini təsdiqləyib. Bu seçimlərin hər biri millilik baxımından, təbii ki, çox əhəmiyyətlidir. Lakin həmin seçimlərdən birinin tətbiqi, düşünürəm ki, mürəkkəblik yaradacaqdır. Belə ki, söhbət vətəndaşın soyad sonluğu kimi “oğlu” və ya “qızı” sonluğunu seçməsindən gedir. Göstərilir ki, valideynin mövcud soyadını bildirən sözün kökünə və ya soyad tərkibinin hər hansı hissəsinə “oğlu” və ya “qızı” sonluğu artırıla bilər. Elə oradaca örnək verilir: Ağaoğlu Rəşid Ağa oğlu. Qəbul edərsiniz ki, bu bir az absurd səslənir və belə bir seçim, təbii ki, qarışıqlıq yarada bilər. Məncə, burada atanın adına deyil, nəsildən gələn hər hansı bir ada, məsələn, şəxsin babasının adının sonuna və ya soyadla ata adı eynilik təşkil etmirsə, bir az əvvəl qeyd etdiyim kimi, yəni iki dəfə təkrarlanmırsa, o  sonluğa “qızı” və ya “oğlu” əlavə edilə bilər. Bir çox ölkələrdə isə müəyyən bir təcrübə mövcuddur. Nəslin məşğuliyyətini göstərən, – nəsildə böyük bir ehtiramla yanaşılan hər hansı bir peşə sahibi varsa, –  peşənin sonluğuna “oğlu” və ya “qızı” sonluğu əlavə edilə bilər. Məsələn, Yazıçıoğlu, Alimoğlu, Bağbanqızı və sair.
Mən qeyd etmək istəyirəm ki, soyadlar məsələsi xalq üçün taleyüklü bir məsələdir və ona görə də Milli Elmlər Akademiyasının təsdiq etdiyi yeni soyadlar sistemi bu soyadların tətbiqi üçün kifayət deyil. Milli Məclis 1993-cü il fevralın 2-də “Azərbaycan Respublikası vətəndaşlarının soyadların dövlət dilinə uyğunlaşdırılması haqqında” cəmi iki müddəadan ibarət tələm-tələsik bir qərar verib. Mən təklif edirəm ki, Milli Məclis tərəfindən müvafiq bir qanun layihəsi hazırlanaraq müzakirəyə çıxarılsın.
Yeri gəlmişkən, şəxsiyyət vəsiqələri ilə əlaqədar bir qeydimi bildirmək istəyirəm. Hazırda ölkə üzrə tətbiq edilən şəxsiyyət vəsiqələrində vətəndaşın soyadı, adı, atasının adı qrafasında ata adının sonuna cinsdən asılı olaraq “qızı” və ya “oğlu” ifadəsi yazılır. Təxminən belə bir mənzərə yaranır: məsələn, Məmmədova Lalə Həsən qızı. Belə çıxır ki, atanın adı Həsən qızıdır. Əgər cinsin müəyyənləşdirilməsindən söhbət gedirsə, elə həmin şəxsiyyət vəsiqəsinin arxa səhifəsində vətəndaşın cinsini göstərən qrafa var. Beləliklə də, burada, sadəcə, şəxsin atasının adı yanına qızı və ya oğlu kəlmələri əlavə edilmədən yazıla bilər. Mən xahiş edirəm ki, əgər soyadlar, adlar haqqında belə bir qanun hazırlanacaqsa, bu məsələlər də orada  öz həllini tapsın.
Bir də, mən çox əhəmiyyətli olan, cəmiyyətimizi son dövrlərdə narahat edən bir məsələyə də toxunmaq istəyirəm. Məndən əvvəl çıxış edən bir neçə həmkarım da çox haqlı olaraq bu məsələ haqqında danışdı. Təəssüflər olsun ki, son aylarda ölkənin sərhədlərindən kənarda adını belə çəkmək istəmədiyim bir nəfər tərəfindən başdan-başa böhtan və iftiradan ibarət yazılar dərc edilir. Bu yazılarda bir xalqın liderinə dil uzadılır. Həmin çirkabı atan bir həqiqəti unudur ki, lideri xalq seçir, xalq yetişdirir, lider xalqın içərisindən çıxır. Azərbaycan xalqı da öz liderini seçib və Heydər Əliyevi özünün milli lideri elan edib. Bu adı ona öz xalqı qoyub. Onun haqqında uzaqdan-uzağa fikir yürütmək, bu ada layiq olub-olmadığını müzakirə etmək hüququnu xalq kimsəyə vermir.
Xalqın seçiminə, sevgisinə hörmətlə yanaşmaq lazımdır. Ən azından ona görə ki, həmin sətirlərin yazıldığı dost və qardaş ölkənin özündə lider vətən, torpaq, bayraq qədər müqəddəsdir. Ölkənin qurucusunun, xalqı daxili və xarici təhlükələrdən xilas edən birinin hüquqları həmin ölkədə qanunlarla qorunur. Ona görə də, hörmətli millət vəkilləri, düşünürəm ki, Azərbaycanda da mütləq belə bir qanun olmalıdır. Heydər Əliyevin statusunun, şərəf və ləyaqətinin toxunulmazlığının qorunması üçün onun adının, nüfuzunun hər cür haqsız iddialardan, iftiralardan hifz edilməsini təmin edəcək xüsusi bir qanuna ehtiyac yaranmışdır. Bu bizim ulu öndər qarşısındakı mənəvi borcumuzdur. Təşəkkür edirəm.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

 
Sədrlik edən.
Çox sağ olun. Hikmət Atayev.
H.Atayev. Çox sağ olun. Hörmətli deputatlar, mən “Əhalinin sağlamlığının qorunması  haqqında” Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinə dəyişiklik etmək haqqında təklif vermək istəyirəm.  Əgər təklifim bəyənilsə, yaz sessiyasında bu məsələ müzakirə olunsun. Bu hansı maddədir? 52-ci maddədə yazılır ki, Azərbaycan Respublikasının ali tibb təhsili müəssisələrini bitirmiş və həkim diplomu almış şəxslər “Hippokrat andı” içirlər. Həkim adını pozan həkimlər qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Mən təklif edirəm ki, bu maddədə “Hippokrat andı” ifadəsi “Azərbaycan həkimi andı” ifadəsi ilə əvəz olunsun.
Eyni zamanda, təklif edirəm ki, həmin qanuna belə bir əlavə də edilsin:  “Azərbaycanda diplomu tanınan hər hansı bir xarici dövlətin ali tibb təhsil müəssisəsini bitirərək Azərbaycanda həkimlik fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər “Azərbaycan həkimi andı”nı içməli və bu andı pozduqda Azərbaycan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşımalıdırlar”. Bu dəyişikliyi etmək üçün biz nə etməliyik? İlk növbədə biz “Azərbaycan həkimi andı”nın mətnini hazırlamalıyıq və qəbul etməliyik.  “Azərbaycan həkimi andı” hazırlanıb qəbul olunanadək 52-ci maddənin  hazırkı redaksiyası hüquqi qüvvəsini dayandırsın. 
Nəyə görə? Xahiş edirəm, icazə verin, onu izah edim. Hörmətli deputatlar, dediklərimi əsaslandırmaq üçün “Hippokrat andı”nı oxumaq kifayətdir. Bu andla yaxından tanış olmayanlara bir neçə məlumat vermək istərdim. Hələ eramızdan min illər əvvəl həkimlik fəaliyyəti ilə məşğul olan insanlar etik normaları və prinsipləri müəyyənləşdirmək üçün müəyyən qaydalar qəbul edirdilər. Eramızdan 5 əsr əvvəl bu norma və prinsiplər Hippokrat tərəfindən sistemləşdirilmiş və həkim andı kimi qəbul olunmuşdur.  Bu həmin “Hippokrat andı”dır.
Hörmətli deputatlar, sizin diqqətinizə çatdırmaq istəyirəm ki, bu əhvalat 2 min əvvəl baş vermişdir. O zamanlar, sözsüz ki, başqa  iqtisadi siyasi  quruluş, təbabətin başqa bir  səviyyədə inkişafı, insanların müəyyən  münasibətləri mövcud idi. Bu zaman ərzində dəfələrlə “Hippokrat andı”nın mətni dəyişdirilmişdir. Vaxtilə mən də institutu bitirərkən “Sovet həkimi andı”nı qəbul etmişəm. “Sovet həkimi andı” sovet hökuməti dağıldıqdan sonra, sözsüz ki, öz fəaliyyətini dayandırdı. Bu müddət ərzində postsovet dövlətləri öz andlarını qəbul etdilər. Məsələn, 1994-cü ildə Rusiya Həkimlər Assosiasiyası  tərəfindən “Rusiya həkimi andı” qəbul  olundu və 1999-cu ildə Rusiya Dövlət Duması onun yeni redaksiyasını qəbul etdi. Digər dövlətlərin özlərinin həkim andları var. Məsələn, İsraildə yəhudi həkiminin andı var, ABŞ-ın öz həkim andı var. Digər dövlətlərdə bu andlar, sözsüz ki, “Hippokrat andı”ndan xeyli fərqlənirlər və onların öz arasında da müəyyən özəllikləri var. Bunlar nədən ibarətdir? Bu abortlara münasibət, bilirsiniz ki, bir çox dövlətlərdə...
Sədrlik edən. Hikmət müəllim, təklifinizi yazılı şəkildə verin. Bəlkə mən düz bilmirəm, belə fikirləşirdim ki, “Hippokrat andı” Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qəbul olunmuş bir anddır. İndi Almaniyada tibbi təhsil almış şəxs “Hippokrat andı” içibsə, onun andı burada düzgün sayılmamalıdır? “Hippokrat andı” Ümumdünya Səhiyyə Təşkilatının bir qərarı idi.  Bunu mən dəqiq bilmirəm, amma təklifinizi hazırlayın, Sosial siyasət komitəsi ilə işləyin. Qənirə Paşayeva.
Q.Paşayeva. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mənim təkliflərim yaz sessiyasının qanunvericilik işləri planına aiddir və bunlar, əslində, bizim Sosial siyasət komitəsində irəli sürülən təkliflərdir. Mən çox istərdim ki, yaz sessiyasında bu məsələlərə baxaq. Bunlardan birini hörmətli  həmkarımız Musa müəllim səsləndirdi, amma mən onu bir az geniş  şəkildə  vurğulamaq istəyirəm.
Söhbət ondan gedir ki, bu gün cənab Prezidentin diqqət və qayğısı sayəsində bizim çoxlu sayda şəhid ailələrimiz və müharibə əlillərimiz mənzillə təmin olunurlar. Amma o zaman qəbul olunan qanunvericilikdən qaynaqlanaraq bu gün bəzi problemlər ortaya çıxır. Biz bununla bağlı nazirliklərə müraciət edəndə onlar vurğulayırlar ki, qanunvericilikdə müəyyən dəyişikliklər öz əksini tapmalıdır. Söhbət ondan gedir ki, ev növbəsinə duran Qarabağ müharibəsi əlili növbəsinə bir az qalmış həyatdan köçürsə, onun ailəsi o imtiyazlardan yararlana bilmir. Ev növbəsinə duran Qarabağ əlilinin vəfat etməsi ilə o ailə bu imtiyazları tamamilə itirmiş bir vəziyyətə gəlir ki, bu da insanların arasında narahatlıq yaradır. Dövlətimizin şəhid ailələrinə, müharibə əlillərinə bu qədər böyük diqqət və qayğısını nəzərə alaraq, bu dəyişikliyi etməklə problemi aradan qaldırmış olarıq.
Nəzərə alaq ki, bizim kifayət qədər müharibə əlillərimiz olub və onlar sağlamlıqlarını torpaqlarımızın bütövlüyü uğrunda itiriblər. Artıq neçə illər bundan əvvəl dünyalarını dəyişən bu insanların heç növbəyə dayanmaq imkanı olmayıb. Onların ailələri də bu imtiyazlardan istifadə edə bilmirlər. Həm mənzil növbəsində olan, həm də olmayan, amma dünyasını dəyişən Qarabağ müharibəsi əlillərinin  ailələrinin də şəhid ailələr kimi bu imtiyazdan istifadə edə bilmələri üçün qanunvericilikdə bu dəyişiklikləri etməmiz müəyyən mənada  onların arasındakı narahatlığı da aradan qaldırar. Nəzərə alsaq ki, ölkəmizin imkanları artdıqca onlara yaradılan şərait, mənzil təminatı daha da artıb, onda mənə elə gəlir ki, bu bizdə ciddi problem yaratmaz. Qanunvericilikdə bu istiqamətdə müəyyən dəyişikliyin edilməsi yaxşı olardı.
Mən Musa müəllimin digər təklifini də dəstəkləyirəm, çünki  artıq Sosial siyasət komitəsində bununla bağlı qanun layihəsi var. Söhbət tütün istehlakının məhdudlaşdırılması haqqında qanun layihəsindən gedir. İctimai yerlərdə siqaretin yasaq edilməsi, onun məhdudlaşdırılması məsələsindən gedir. Bu qanun layihəsi hazır şəkildə var. Biz 2005-ci ildə “Tütünə qarşı mübarizə haqqında” ÜST-nin Çərçivə Konvensiyasına qoşulmuşuq. Ona görə də  çox yaxşı olardı ki, insanlarımızın, gənclərimizin sağlamlığı üçün biz yaz sessiyasında bu məsələni müzakirəyə çıxaraq və ilkin müzakirələri başlayaq.
Oqtay müəllim, cari məsələlərlə bağlı yazılmışdım, amma çatmadım. İcazə versəniz, mən bir məsələni qısa şəkildə vurğulamaq istəyirəm. Bir çağırış etmək istəyirəm. Əslində, bunu mətbuatda, mediada – hər yerdə səsləndiririk. Mən elə bu tribunadan da bu məsələni səsləndirmək istəyirəm. Bizim İranda yaşayan soydaşlarımıza, azərbaycanlılara səslənmək istəyirəm. Biz görürük ki, İranın rəsmi şəxsləri Azərbaycanın daxili işlərinə qarışırlar, Azərbaycanın əleyhinə açıqlamalar verirlər, fəaliyyət göstərirlər. Xüsusilə Ermənistana dəstəyi daha da artırmaqla Azərbaycanın əleyhinə fəaliyyət göstərirlər. Bu yaxınlarda mətbuatda oxuyuruq ki, Ermənistanı yanacaqla təmin etmək üçün kəmər çəkəcəklər. Özü də bu kəməri azərbaycanlıların yığcam yaşadığı Təbrizdən çəkəcəklər. Ona görə mən şəxsən buradan bütün soydaşlarımıza müraciət edirəm ki, icazə verməyin! Bu ölkədə sizin qardaşlarınız, bacılarınız yaşayırlar. O ölkənin rəsmilərinin Azərbaycan əleyhinə fəaliyyətlərinə icazə verməyin. Eyni zamanda, soydaşlarımızı çağırıram ki, onların Ermənastana göstərdikləri bu dəstəyə imkan verməsinlər. Buna qarşı çox ciddi şəkildə mübarizə aparsınlar, çünki Ermənistan onların vətənlərinin  bir hissəsini işğal edib və  1 milyon bacı-qardaşını qaçqın və məcburi köçkünə çevirib. Ona görə İranda yaşayan heç bir  azərbaycanlı onlarla əməkdaşlıq etməməlidir. 
Sədrlik edən. Çox sağ olun. Mübariz Qurbanlı.
M.Qurbanlı. Təşəkkür edirəm, cənab Sədr. 2011-ci il yaz sessiyasının qanunvericilik işləri planı, hesab edirəm ki, Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatların məntiqinə uyğun şəkildə tərtib edilibdir. Burada müxtəlif sahələrdə ölkəmizə zəruri olan qanunlar öz əksini tapıbdır. Bunlar da Azərbaycanın ayrı-ayrı sahələrində özünü əks etdirir. Biz diqqət yetirsək, görərik ki, qanunvericilik işləri planında həm siyasi, həm iqtisadi xarakterli, həm kənd təsərrüfatına, həm də dövlət idarəçiliyinə aid müxtəlif məsələləri özündə əks etdirən qanun layihələri nəzərdə tutulur.  
Məlumdur ki, yaz sessiyasının gedişində yalnız bizə təqdim olunan bu qanun layihələri üzərində işləməyəcəyik. Təbii ki, yaz sessiyası dövründə Azərbaycan Respublikası Prezidentindən, qanunvericilik təşəbbüsü hüququ olan digər subyektlərdən müxtəlif xarakterli qanunlar daxil olacaq. Eyni zamanda, deputatların təşəbbüsü ilə ayrı-ayrı komitələrdə müxtəlif səviyyəli qanunlar işlənib hazırlanacaqdır.
Mən qanunların siyahısına baxıram. Bu yaxınlarda  hörmətli həmkarımız  Sabir Rüstəmxanlı çıxış edəndə maraqlı bir fikir söylədi. Nədənsə özü bunu burada səsləndirmədi. Mən eşitdim və onu tam məntiqli hesab etdim. Biz bütün qanunlarımızın arxasında “filan məsələ haqqında, filan qanun haqqında” sözlərini işlədirik. Onun dediyini qəbul edirəm və hesab edirəm ki, tam məntiqli idi. “Haqqında” sözünü  çıxarmaq lazımdır. “Təhsil haqqında” yox, Təhsil qanunu, Elm qanunu, Pasiyentin hüququ qanunu olmalıdır. “Haqqında” sözü onu bir az da ağırlaşdırır. Mənə elə gəlir ki, Azərbaycan dilinə də uyğun olmayan bir məsələdir. Bəllidir ki, o varsa, onun haqqındadır. Mən bunu yeri gəlmişkən  dedim, çünki biz bu il də müxtəlif qanunlar qəbul edəcəyik və qanunlara əlavə və düzəlişlər edəcəyik. Əgər məntiqli hesab ediriksə,  düşünürəm ki, biz buna gedə bilərik.
Bir məsələni də mən ötən çağırışda demişdim. Mümkünsə, gəlin, tabloda yerləri dəyişək. O zaman, Oqtay müəllim, Siz dediniz ki, biz gələcəkdə buna baxarıq. Adlar və soyadlar haqqında Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının müvafiq komissiyası müəyyən sənədlər hazırlayıb. Yəqin ki, gec-tez Milli Məclisə gələcək. Əgər biz adlar və soyadlar haqqında həmin təklifləri qəbul etsək, eyni zamanda, şəxsiyyət vəsiqələrində və müxtəlif sənədlərdə də müvafiq dəyişikliklər edəcəyik. Gəlin, birinci biz  dəyişiklik edək və bu, qanuna zidd deyil. Adları əvvələ, soyadları sona keçirək ki, adlar və soyadlarla bağlı müəyyən dəyişmələr  səslənəndə daha məntiqli səslənsin.
Burada deputat həmkarlarım çoxsaylı təkliflər irəli sürdülər. Siz də dediniz, hər kəs qanunvericilik təşəbbüsü ilə müxtəlif qanun layihələrini hazırlayıb verə bilər. Burada  ümummilli lider Heydər Əliyevin irsinin hüquqi baxımdan qorunması ilə bağlı qanun layihəsinin işlənib hazırlanması və müzakirəyə çıxarılması məsələsi əvvəllər də səslənib, indi də səsləndi. Onu da qeyd edim ki, dünyanın əksər ölkələrində tarixi şəxsiyyətlərin irsi qorunur. Amerika Birləşmiş Ştatlarında  “bani atalar” hesab olunan Amerika qurucularının tarixi irsi, şəxsiyyəti qorunur. Fransada, Amerikada, Böyük Britaniyada bu cür şəxsiyyətləri kimlərsə mətbuatda, tarixi  və ya digər məsələlərdə təhrif edirlərsə, onlara qarşı yönələn fikirlər söyləyirlərsə,  həmin tarixi şəxsiyyətlərin irsini qoruyan xüsusi komissiyalar müvafiq addımlar atırlar.
Türkiyədə Konstitusiya  ilə Atatürkün şəxsiyyəti və irsi qorunur. Hindistanda Mahatma Qandi ilə bağlı belə təkliflər var, orada da bunlar qorunur. Hesab edirəm ki, ümummilli lider Heydər Əliyevlə bağlı indi və gələcəkdə  yazılacaq bu və ya digər yazıların qarşısını almaq, tarixi şəxsiyyətimizin irsini qorumaq üçün belə qanun lazımdır. Bunun üçün müvafiq işlər görülməlidir. Mən qanunvericilik işləri planını tamamilə məqbul sayıram, buna səs verəcəyəm və həmkarlarımı da səs verməyə çağırıram. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Mən razıyam, belə bir qanun layihəsi hazırlanmalıdır. Qanun layihəsini işləyin, verin, baxarlar. Ancaq deyirsiniz ki, adların, soyadların dəyişməsi istiqamətində Milli Elmlər Akademiyası nə isə hazırlayıb tövsiyə şəklində verəcək. Bu bir az mürəkkəb məsələdir. Bunun üzərində işləmək lazımdır, çünki tarix boyu Azərbaycan xalqının adını da, soyadlarını da, sonluqları da dəyişiblər. Biz nə qədər belə dəyişikliklərə  gedəcəyik? Bu bir az mübahisəli məsələdir, bunun üzərində normal bir iş getməlidir.  Bəlkə mən soyadımda qalmaq istəyirəm.  Misal deyirəm. Bu sizə asan məsələ kimi gəlməsin. Bunun üzərində çox işləmək lazımdır.  Əli Əhmədov, buyurun.
Ə.Əhmədov. Çox sağ olun, Oqtay müəllim. Vaxt qurtarıb, ona görə də mən hörmətli millət vəkillərinin vaxtını almaq istəmirəm. Çox qısa şəkildə iki fikrimi bildirmək istəyirəm.  Birinci təklif bundan bir neçə il əvvəl də səsləndirilmişdi. Bu, Ermənistandan deportasiya olunmuş azərbaycanlıların hüquqlarının tanınması və onların hüquqlarının qorunması ilə əlaqədar Azərbaycan parlamentinin müəyyən qərarlar, qanun layihələri hazırlaması ilə əlaqədardır. Mən belə hesab edirəm ki, Stalin rejimi zamanı deportasiyaya uğramış bütün millətlər və xalqlar sonra öz hüquqlarını bərpa edə bildilər. Azərbaycan xalqının böyük bir hissəsi deportasiyaya uğramış yeganə millətdir ki, 1948–1953-cü illərdə Ermənistandan öz ata-baba yurdundan  qovulduqdan sonra hüquqlarının bərpa olunması istiqamətində heç bir addım atılmayıbdır.
Mən hesab edirəm ki, biz burada ikipilləli iş görməliyik. Birinci pillə Azərbaycan qanunvericiliyi, Azərbaycan hökuməti səviyyəsində hüquqları pozulmuş həmin insanların və onların nəsillərinin hüquqlarının tanınması və qorunması istiqamətində addımların atılmasıdır. İkinci pillə isə müvafiq Avropa qurumları, Avropa Şurası qarşısında deportasiyaya uğramış azərbaycanlıların hüquqlarının tanınması və onların bərpa edilməsi istiqamətində işlərin aparılmasıdır. Amma bu istiqamətdə işlərin aparılması üçün ilk növbədə Azərbaycanda hüquqi bazanın yaradılması və ilkin addımların atılmasına çox ciddi ehtiyac var. Bu, indi Milli Məclisin yaz sessiyasına daxil edilə bilməz, amma perspektivdə növbəti iş planları hazırlanarkən bunun nəzərə alınmasını sizdən rica edirəm.
İkinci demək istədiyim məsələ yaz sessiyasının planında nəzərdə tutulmuş Ali təhsil haqqında qanun layihəsi ilə bağlıdır.  Mən bunu çox əhəmiyyətli hesab edirəm və güman edirəm ki, Azərbaycanda təhsil islahatlarının aparılmasında bu qanunun qəbul edilməsi çox ciddi bir hüquqi bazanın yaranmasına gətirib çıxaracaq. Amma mənim burada demək istədiyim qanun layihəsinin adı ilə əlaqədardır. Əlbəttə, biz adət etmişik, təhsilimizi müəyyən  qradasiyalara böləndə birini də ali təhsil adlandırırıq. Ali prosesin ən yüksək səviyyəsidir, bundan yuxarı heç nə yoxdur. Bizim  təhsil qanununda ali təhsildən sonrakı təhsil də var. Ali təhsildən sonra hansı təhsil olur? Mən bilmirəm, onun adı nədir? Bu məntiqsizlikdən çıxmanın yolunu bütün dünyada qəbul olunmuş metodda görürəm. Bu da ondan ibarətdir ki, bunu Universitetlər haqqında qanun adlandıraq. Güman edirəm ki, bu, prosesin mahiyyətini daha düzgün əks etdirir. Əlbəttə ki, universitetlərin verdiyi təhsili biz ali təhsil adlandırırıq, amma biz ali təhsildən də yuxarı  təhsil görmüşük. Doktorantura var, filan şey var. Beləliklə də, mən təklif edirəm ki, Ali təhsil haqqında qanunu Universitetlər haqqında qanun adlandıraq və elə də qəbul edək. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Siz Ermənistandan deportasiya olunmuş azərbaycanlılar haqqında qanun layihəsi barədə dediniz. Bu çox yerində olan bir məsələdir, çünki  indi mənim yadıma düşür, Gürcüstanı Avropa Şurasına qəbul edəndə onun qarşısında öhdəlik qoyulmuşdu. Onlar məhsəti türklərinin  qayıdışına görə öhdəlik götürmüşdülər. Bu, yerində olar. Mən çox xahiş edirəm ki, bunun üzərində  iş getsin.
Ali təhsil haqqında qanuna gəldikdə isə nəzərinizə çatdırım ki, onun formalarını fikirləşmək lazımdır. Bizdə ali təhsildən yuxarı təhsil ali təhsil kimi getmir, doktorantura kimi gedir. Elədirmi?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. İndi ona da baxarıq. Mən dəqiq deyə bilmərəm, baxmaq lazımdır.
Hörmətli millət vəkilləri, çıxış etmək istəyən 8 nəfər var. Əgər təkid edən yoxdursa, gündəliyin birinci məsələsini...
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. İki nəfər təkid edir. Onda günün ikinci yarısına saxlayaq.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, gündəliyə münasibət bildirək.  
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yeni deputatımızdır, imkan verək, çıxış etsin. Buyur, Fərəc Quliyev.
F.Quliyev. Çox sağ olun.  Oqtay müəllim, diqqət göstərdiyiniz üçün təşəkkür edirəm. Bir daha hamını salamlayıram və üzrxahlıq edirəm ki,  öz vaxtımdan istifadə edib çıxış etməkdə təkid etdim. Mən gündəlikdə olan məsələlərin hamısını təqdir edirəm və hesab edirəm ki, bura bir neçə məsələ də daxil edilsə, daha səmərəli olar. Düşünürəm ki, Azərbaycanda müharibə veteranları və şəhid ailələri ilə bağlı müxtəlif qurumların olmasına baxmayaraq, Müharibə veteranları və şəhid ailələri müdafiə komitəsinin yaradılması zərurəti vardır.
İkinci, Qarabağ məsələsi ilə bağlı Milli Məclisdə həmişə müzakirələr gedibdir. Düşünürəm ki, bunu bir az da sistemli hala salmaq üçün Qarabağ  komissiyasının yaradılması məsələsi gündəliyə daxil edilməlidir.
Üçüncü, urbanizasiyanın, Bakı şəhərinin  yüklənməsinin qarşısını almaq, əyalətlərin boşalmasına qarşı  tədbir görmək üçün demoqrafik tarazlıq haqqında qanun qəbul olunması zərurəti yaranıbdır. Xüsusilə sərhəd rayonlarında əhaliyə imtiyazlar, güzəştli kreditlər, yerli istehsalat stimulu vermək, iş yerləri açmaq, enerji daşıyıcılarını maya dəyərindən baha olmayan qiymətə bu rayonlarda istehlakçılara çatdırmaq üçün dövlət-bazar, mülki cəmiyyət münasibətləri sistemində mülki cəmiyyətə güzəştləri nəzərdə tutan qanunların qəbulu vacibdir. Bu məsələ də gündəliyə çıxarılsa, yaxşı olar.
Dördüncü, təklif edirəm ki,  Azərbaycanın müstəqillik qazandığı vaxtdan etibarən ölkədə prezident  kimi fəaliyyət göstərən dövlət başçılarına eks-prezident statusu müəyyənləşdirilməsi  haqqında qanun qəbul olunsun.
Nəhayət, bayaq burada hörmətli həmkarlarım İran adlanan dövlətin Azərbaycana münasibətini  qeyd etdilər. Mən hesab edirəm ki, son dövrlərdə  həddini aşmış davranışlar ortadadır və İran açıq şəkildə Azərbaycana qarşı  təxribatçı davranış nümayiş etdirir. Vəziyyət o yerə gəlib çatıb ki, Azərbaycanın bir çox ərazisini öz əraziləri kimi təqdim etməkdən belə çəkinmir. Biz millətin taleyi ilə məşğul olan qanunverici orqan olaraq  üzərimizə düşəni etməliyik. Mən fikirləşirəm ki, daha ciddi addımlar atmağın zamanıdır.
Qarşıdan 10 fevral gəlir. 182 il əvvəl, 1828-ci ildə bağlanmış və hazırda heç bir hüquqi gücü olmayan Türkmənçay müqaviləsinin müddəalarının bir qismi əsasında mövcud olan İran Azərbaycan üçün ədalətli status-kvonu tanımaq məcburiyyətində qalmalıdır. Artıq bu müqaviləni bağlayan iki tərəfdən biri – Rusiya imperiyası mövcud deyildir. Rusiyada sovet hakimiyyəti qurulandan sonra 1921-ci ildə İranla Sovet hökuməti arasında bağlanmış müqaviləyə görə İran ilə çar Rusiyası  arasında bağlanmış müqavilələrə xitam verilmişdir. Lenin hökuməti ilə Qacarlar hökuməti arasında bağlanmış müqavilədə qeyd edilir ki, indiyə qədər bağlanmış müqavilələr qüvvədən düşmüş elan edilir. İndiki Rusiya isə Azərbaycan ilə ikitərəfli müqavilə bağlayıb.
Üstəlik, dövlətlərin varisliyi haqqında 1978-ci il Vyana Konvensiyası beynəlxalq hüquqi leksikona yeni bir “müstəqil dövlət” termini daxil etmişdir. Yeni müstəqil dövlət dedikdə isə ərazisi dövlətlərin varisliyi anından bilavasitə əvvəl asılı ərazi olmuş, beynəlxalq münasibətlərinə görə əvvəlki dövlətlərin məsuliyyət daşıdığı varis dövlət başa düşülür. Yeni müstəqil dövlətlərə təmiz lövhə prinsipi şamil olunur ki, həmin prinsipə görə  əvvəlki müqavilələrdən azaddır, daha doğrusu, üzərində bu müqavilələri qüvvədə saxlayan vəzifə yoxdur. 
Həm İran, həm də Rusiya ən azından Rusiya imperiyası işğalına verilmiş, indi İrəvan xanlığı və Zəngəzur  istisna olmaqla bu ərazilərdə qurulmuş Azərbaycan dövlətini BMT-dəki bütün dövlətlərlə birgə şərtsiz, rəsmən tanıyır. Təkcə bu fakt Türkmənçay müqaviləsinin heç bir əhəmiyyətə malik olmadığını və hüquqi qüvvəsini itirdiyini göstərir. Bu həqiqəti İran tərəfi də qəbul edir. İran parlamentinin Milli təhlükəsizlik komitəsinin üzvü Seyid Hüseyn Nəqəvi Hüseyni 2010-cu il dekabrın 1-də İranın Xəzər dənizindəki hüququndan danışarkən İranla Rusiya arasında imzalanmış Türkmənçay müqaviləsinin başa çatdığını bildiribdir. Ona görə də biz yaz sessiyasında yaxşı olar ki, Azərbaycanın bölünmüş xalq olduğunu, Türkmənçay müqaviləsinin qüvvədən düşdüyünü rəsmən bəyan edək və hazırda heç bir gücü olmayan bu müqavilənin hələ də riayət edilən müddəalarının  yaratdığı hüquqi zərərli  nəticələri və İrana tutarqa verdiyi məsələləri aradan qaldırmaq üçün xüsusi bir komissiya yaradaq. Mən sizə təşəkkür edirəm və hesab edirəm ki, biz artıq bu məsələ ilə bağlı günün birində müzakirə aparmaqla çox ciddi bir  məsələyə sonluq vermək imkanına malik olacağıq. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, qanunvericilik işləri planına  münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 14.08 dəq.)
Lehinə 109
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  109
Nəticə: Qəbul edildi

Sağ olun, qəbul edildi. Tənəffüs elan edilir.


(FASİLƏDƏN SONRA)

Sədrlik edən. Xahiş edirəm, yerlərinizi tutasınız. Gündəliyin növbəti məsələlərinin müzakirəsinə başlayırıq. Bildiyiniz kimi, Daxili Nizamnaməyə uyğun olaraq hər il yaz sessiyasında Milli Məclisin İntizam komissiyası və Milli Məclisin Hesablayıcı komissiyası yenidən təşkil edilir. Tərkiblər sizə verilib. Xahiş edirəm, İntizam komissiyasının yenidən təşkil edilməsi haqqında məsələyə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 16.03 dəq.)
Lehinə 106
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  106
Nəticə: Qəbul edildi

Təsdiq edildi, sağ olun.
Üçüncü məsələ Milli Məclisin Hesablayıcı komissiyasının yenidən təşkil edilməsi haqqındadır. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 16.04 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir  97
Nəticə: Qəbul edildi

Çox sağ olun, təsdiq edildi.
Gündəliyin dördüncü məsələsi “Xəzər dənizində təhlükəsiz əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsidir. Buyurun, Ziyafət müəllim.
Z.Əsgərov, Milli Məclis Sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli deputatlar! Bildiyiniz kimi, 2010-cu il noyabr ayının 18-də Bakı şəhərində belə bir saziş imzalanmışdır. Bilirsiniz ki, Xəzəryanı dövlətlərin başçılarının Bakı sammitində belə bir razılıq əldə olundu. Həmin sazişin 2-ci maddəsində tərəflər arasındakı əməkdaşlığın formaları göstərilib. Amma  qeyd edim ki, hörmətli deputatlar, bu, hələ Xəzər dənizinin statusunun tam müəyyən edilməsi ilə bağlı saziş deyil.
Bu saziş Xəzəryanı dövlətlər arasında təhlükəsiz əməkdaşlıq haqqında sazişdir. Sazişdə terrorçuluqla, mütəşəkkil cinayətkarlıqla, silahların istənilən növlərinin və sursatların, partlayıcı və zəhərləyici maddələrin, hərbi texnikanın, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsi, cinayət yolu ilə əldə olunmuş gəlirlərin, o cümlədən pul vəsaitlərinin yuyulması ilə, qaçaqmalçılıqla mübarizə və digər məsələlər  tənzimlənir.
Saziş 15 maddədən ibarətdir və bunu imzalayan bütün dövlətlərin  dillərində tərtib olunmuşdur. Hesab edirəm ki, belə bir sazişin imzalanmasını Azərbaycanın xarici diplomatiyasının apardığı uğurlu siyasətin nəticəsi  kimi qiymətləndirmək olar. Əlbəttə, bu,  yaxın illərdə Xəzər dənizinin statusunun müəyyən olunması ilə əlaqədar irəliyə doğru atılmış bir addımdır. Ona görə hamınızdan xahiş edirəm, bu sazişə müsbət münasibət bildirəsiniz.
Sədrlik edən. Səməd müəllim, sazişə Sizin komitədə də baxılıb. Əlavəniz yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Aydın Mirzəzadə.
A.Mirzəzadə. Təşəkkür edirəm, Oqtay müəllim. Bizim komitədə bu məsələyə baxıldı. Ziyafət müəllim saziş haqqında məlumat verdi. Dediyi fikirlər komitənin ümumi fikirləridir. Ziyafət müəllim tamamilə düzgün vurğuladı ki, birinci, burada sadalanan hallara qarşı  mübarizəni hər bir dövlət özü ayrıca aparırdı. İndi bunları koordinasiya etmək və təhlükələrin qarşısını birgə almaq mümkün olacaq.
İkinci, vacib məsələlərdən biri ondan ibarətdir ki, Xəzərin hüquqi statusu məsələsində razılıq olmasa da, ümumi anlaşmaya doğru çox vacib bir addımdır. Çünki bu məsələlər dövlətlərin razılığa gəlməsinə mane olurdu.
Digər vacib məsələlərdən biri də ondan ibarətdir ki, bu sazişdə Xəzərin  hüquqi  statusunun  müəyyənləşdirilməsinə  dair  məsələnin ancaq
Xəzəryanı dövlətlərin səlahiyyətində olduğu qeyd edilir. Digər dövlətlərin bu məsələyə  qarışması  mümkün deyil. Saziş çox vacib bir sənəddir, onun müzakirə  və qəbul olunması, regionumuzun gələcəkdə sülh və əməkdaşlıq regionuna çevrilməsinə kömək edəcəkdir.
Sədrlik edən. Xahiş edirəm, sazişə münasibət bildirəsiniz.

Səsvermənin nəticələri (saat 16.07 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  104
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ Azərbaycan Respublikası, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Rusiya Federasiyası və Türkmənistan Prezidentlərinin Birgə Bəyanatının təsdiq edilməsi haqqında qanun layihəsi barədədir. Buyurun, Səməd Seyidov.
S.Seyidov. Çox sağ olun, Oqtay müəllim. Hörmətli millət vəkilləri! Bu bəyanatın mahiyyəti haqqında Ziyafət müəllim çox gözəl danışdı. Azərbaycan Respublikası, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Rusiya Federasiyası və Türkmənistan prezidentlərinin 2010-cu il noyabrın 18-də Bakı şəhərində imzalanmış Birgə Bəyanatı çox vacib və əhəmiyyətli bir sənəddir. Ona görə ki, Xəzəryanı dövlətlərin Xəzər dənizində iqtisadi, ekoloji və bütün başqa sahələri əhatə edən siyasətini müəyyənləşdirən bir sənəddir.
Bu sənədə diqqətlə baxsaq, görərik ki, Xəzəryanı dövlətlərin potensialını inkişaf etdirmək, Xəzər dənizini sülh dənizinə çevirmək, onun təhlükəsizliyini təmin etmək və bununla yanaşı, ekoloji problemlərin həll edilməsi üçün xüsusi əhəmiyyəti olan bir sənəddir. Təbii, belə bir sənədin imzalanmasına komitəmiz yekdilliklə razıdır. Xahiş edirəm, deputatlarımız bu sənədə müsbət münasibət göstərsinlər. Sağ olun.
Sədrlik edən. Xahiş edirəm, Birgə Bəyanata münasibət bildirəsiniz.

Səsvermənin nəticələri (saat 16.09 dəq.)
Lehinə 107
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  107
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti və İtaliya Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsidir. Buyurun, Səməd müəllim. 
S.Seyidov. Oqtay müəllim, minnətdaram. Sazişi təqdim etməmişdən öncə bir misal gətirəcəyəm. Bu yaxınlarda Azərbaycan parlamentinin böyük nümayəndə heyəti Fransaya, Strasburq şəhərinə yola düşmüşdü. Biz Bakı–Paris təyyarəsi ilə getdik. Fransanın Şarl de Qoll hava limanında pasport qeydiyyatından keçərək pasportlarımızı vizasız təqdim etdik və Fransa Respublikasına problemsiz, vizasız daxil olduq. Bu gün Azərbaycan Respublikasının diplomatik və xidməti pasportlarına malik olan şəxslər Fransanın, Avstriyanın, Estoniyanın, Avropa Birliyinə daxil ölkələrin sərhədlərini keçərək problemsiz, Avropa vətəndaşları kimi fəaliyyət göstərə bilərlər.
Bu gün İtaliya ilə də belə bir sazişi təsdiq etməliyik. İtaliya Azərbaycanla  iqtisadi, mədəni və başqa sahələrdə əlaqəsi olan ölkədir. Belə əməkdaşlığın dəstəklənməsi və gələcəkdə Azərbaycan və Avropa Birliyi arasında viza rejiminin sadələşdirilməsi və aradan qaldırılması istiqamətində fəaliyyəti yüksək səviyyədə təşkil etmək üçün biz həmin sazişə müsbət münasibətimizi bildirmişik və sizi də buna çağırırıq. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirin.

Səsvermənin nəticələri (saat 16.12 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir  103
Nəticə: Qəbul edildi

Qəbul edildi, çox sağ olun.
Bu səpkidə iki sazişimiz də var. Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslər üçün vizanın ləğv edilməsi haqqında sazişin təsdiq edilməsi barədə. Buyurun, Səməd müəllim.
S.Seyidov. Oqtay müəllim, eyni məsələləri və  mahiyyəti əks etdirən sazişlərdir. Təbii, hazırda Monteneqro Avropanın ən gözəl diyarlarından biridir, iqtisadiyyatı, təbiəti, mədəniyyəti cəhətdən inkişaf etmiş ölkədir. Belə bir sazişin qəbul olunması məqsədəmüvafiqdir.
Avropa Birliyinin üzvü olan Portuqaliya ilə də belə əlaqələrin yaradılması bizim üçün çox böyük və əhəmiyyətlidir. Təbiidir ki, hər iki sazişi biz çox müsbət və yüksək qiymətləndirərək münasibətimizi bildirmişik və sizdən də bunu xahiş edirik.
Sədrlik edən. Çox sağ olun. İlk növbədə Monteneqro Hökuməti ilə sazişə münasibət bildirək. Xahiş edirəm, münasibət bildirin.

Səsvermənin nəticələri (saat 16.13 dəq.)
Lehinə 107
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  107
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Eyni saziş də Portuqaliya Respublikası ilə bağlanmışdır. Xahiş edirəm, bu sazişə də münasibət bildirin.

Səsvermənin nəticələri (saat 16.14 dəq.)
Lehinə 105
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  105
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti, doqquzuncu məsələ “Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında mülki müdafiə, fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsidir. Buyurun, Ziyafət müəllim.
Z.Əsgərov. Sağ olun, cənab Sədr. Hörmətli deputatlar, müzakirənizə təqdim olunmuş bu saziş 21 maddədən ibarətdir. Həmin sazişin 5-ci maddəsində əməkdaşlığın formaları göstərilib. Bilirsiniz ki, Azərbaycanla xarici ölkələr arasında bu qəbildən olan sazişlər artıq imzalanıb. Keçən il  Rusiya və İsraildə baş verən yanğın hadisələri zamanı ölkə Prezidentinin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları xilasetmə işlərində yaxından iştirak etdilər. Doğrudan da, bu sahədə Azərbaycanda Fövqəladə Hallar Nazirliyinin tərkibindəki qurumlar çox peşəkar fəaliyyət göstərirlər. Bu qəbildən sazişin Qazaxıstan kimi böyük və qonşu dövlətlə bağlanması  ölkəmizin milli mənafelərinə tamamilə uyğundur. Hesab edirəm ki, bu sazişə səs verib qəbul etmək olar. Sağ olun.
Sədrlik edən. Xahiş edirəm, sazişə münasibət bildirəsiniz.
               
Səsvermənin nəticələri (saat 16.15 dəq.)
Lehinə 106
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir  107
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Katibliyinin, onun heyətinin və Müşavirə üzvlərinin nümayəndələrinin imtiyaz və immunitetləri haqqında” Konvensiyanın təsdiq edilməsi barədədir. Səməd Seyidov, buyurun.
S.Seyidov. Çox sağ olun, cənab Sədr. Özlüyündə texniki məsələ kimi qiymətləndirilə biləcək bu sənəd, əslində, çox vacib və əhəmiyyətli bir sənəddir. Azərbaycan beynəlxalq təşkilatlarla münasibətlərini həmişə yüksək səviyyədə təşkil edir. Siz bilirsiniz ki, Azərbaycan ATƏT, Avropa Şurası, Avropa Birliyi, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Konfransı və başqa təşkilatlarla münasibətlərini çox yüksək səviyyədə qurmuşdur. Bununla yanaşı, “Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Katibliyinin, onun heyətinin və Müşavirə üzvlərinin nümayəndələrinin imtiyaz və immunitetləri haqqında” Konvensiyaya qoşularaq  bu təşkilatla da münasibət yaradır.
Bu təşkilat Asiyada çox vacib və əhəmiyyətli rol oynayır. Orta və Şərqi Asiya ölkələri ilə yanaşı, həmin təşkilatda Azərbaycan da öz rolunu və mövqeyini ortaya qoyur. Bizim üçün belə bir konvensiyanın ratifikasiya olunması həmin təşkilatda aktiv fəaliyyətə başlamaqla yanaşı, adı çəkilən təşkilatın imtiyazlarının burada təsdiq edilməsi deməkdir. Komitədə bu  məsələyə müsbət münasibətimizi bildirmişik. Deputatları buna müsbət münasibət bildirməyə çağırıram. Diqqətinizə görə sağ olun. 
Sədrlik edən. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirəsiniz.

Səsvermənin nəticələri (saat 16.18 dəq.)
Lehinə 107
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  107
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında qanun layihəsidir. Buyurun, Əli Hüseynli.
Ə.Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.
Çox sağ olun, cənab Sədr. Cənab Prezident tərəfindən Seçki Məcəlləsinə təklif olunan əlavə və dəyişikliklər əsas etibarilə texniki xarakter daşıyır. İlk növbədə qeyd etmək istəyirəm ki, Konstitusiyaya referendum yolu ilə edilmiş dəyişiklik nəticəsində Konstitusiyanın 84-cü  və 101-ci maddələrinə əlavələr olunmuşdur. Bu əlavələrin mahiyyəti Milli Məclisə seçkilərin və Prezident seçkilərinin müstəsna hallarda müddətinin uzadılması ilə bağlı idi. Sadəcə, yada salmaq istəyirəm ki, bunun üçün bir neçə şərt – müharibə şəraitinin olması, hərbi əməliyyatların aparılması və yuxarıda göstərilən hallar nəticəsində seçkilərin keçirilməsinin mümkün olmaması nəzərdə tutulur. Bu məsələni biz referendum yolu ilə  həll etdik. Belə hallar beynəlxalq təcrübədə də var. Azərbaycan şəraiti üçün bu, xüsusi önəm kəsb edir. Hazırda həmin müddəalar qüvvədədir.
Qanunvericiliyimizdə referendum yolu ilə Konstitusiyaya edilmiş dəyişikliklərdən irəli gələn dəyişikliklərin aparılması təbii prosesdir. Referendum bu vəzifəni bizim üzərimizə qoyub. Bildiyiniz kimi, indiyə qədər parlament tərəfindən bu qəbildən bir neçə qanun qəbul olunub. Bir sıra qanunların üzərində də işçi qrupları işləyirlər. Konstitusiyaya edilmiş əlavə və dəyişikliklərdən irəli gələn bir sıra məsələlər isə mövcud qanunlara edilən əlavələr və dəyişikliklərlə bağlıdır.
Seçki Məcəlləsinin 25-ci maddəsi də məhz bununla bağlıdır. Çünki nəzərdə tutulurdu ki, Milli Məclisin və Prezidentin səlahiyyətləri müddətinin uzadılması yalnız Mərkəzi Seçki Komissiyasının Konstitusiya Məhkəməsinə müvafiq müraciətindən sonra mümkün ola bilər. Bu müraciətdən sonra isə seçkilərin keçirilməsinin qeyri-mümkünlüyü faktı Konstitusiya Məhkəməsi tərəfindən təsdiq edilməlidir. Bizim etdiyimiz dəyişikliyin mahiyyəti bundan ibarətdir. Məhz buna görə də Konstitusiyanın bu norması Seçki Məcəlləsində öz əksini tapmalıdır.
Mərkəzi Seçki Komissiyası bu halda hansı hərəkəti etməlidir? Buna görə də Mərkəzi Seçki Komissiyasının vəzifələri haqqında maddəyə referendumdan irəli gələn belə bir müddəa köçürülür: “Müharibə şəraitində hərbi əməliyyatların aparılması ilə əlaqədar seçkilərin keçirilməsi mümkün olmadıqda, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Konstitusiyasının 84-cü maddəsinin I hissəsinə və 101-ci maddəsinin V hissəsinə müvafiq olaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edir”. Yeri gəlmişkən, qeyd edim ki, burada “Azərbaycan Respublikası” sözlərinə ehtiyac yoxdur, çünki bütün Seçki Məcəlləsi boyu “Mərkəzi Seçki Komissiyası” sözləri gedir. Bu düzəlişi etməklə biz Seçki Məcəlləsini Konstitusiyaya uyğunlaşdırmış oluruq. Təbii ki, bu düzəliş texniki xarakter daşıyır.
İkinci, söhbət 162-ci maddə ilə bağlı düzəlişdən gedir. 162-ci maddədən “namizəd” və “bu Məcəllənin 161-ci maddəsində nəzərdə tutulmayan” sözlərinin çıxarılması təklif olunur. Niyə bu təklif irəli sürülür? Bu da texniki düzəlişdir. Məsələ burasındadır ki, əvvəlki çağırış  2010-cu il iyunun 18-də Seçki Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun qəbul etdi. Hörmətli həmkarlarım buna səs verdilər. Seçki Məcəlləsindən 161-ci, yəni Milli Məclisə seçkilər zamanı qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiya blokları tərəfindən büdcə vəsaitlərinin xərclənmiş hissəsinin geri qaytarılmasının məcburiliyi haqqında maddə və 194-cü maddə çıxarıldı. Amma baxmayaraq ki,  biz bu maddələri çıxarmışdıq, digər maddələrdə bu sözlər qalmışdır. Texniki, yəni qanunvericiliyin səliqəsi baxımından təklif olunur ki, artıq qüvvədə olmayan bu müddəa 161-ci və 194-cü maddələrdən çıxarılsın. Bu sözlərin də çıxarılması təklif olunur. Bütövlükdə qeyd etmək istəyirəm ki, Seçki Məcəlləsinə mahiyyət ilə bağlı heç bir əlavə və düzəliş edilmir. Seçki Məcəlləsini bir halda Konstitusiyaya, digər halda isə  qəbul etdiyimiz qanuna uyğunlaşdırırıq. Diqqətinizə görə sağ olun.  
Sədrlik edən. Çox sağ olun. Siyavuş müəllim, əlavəniz var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirəsiniz.

Səsvermənin nəticələri (saat 16.23 dəq.)
Lehinə 105
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir  106
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavələr edilməsi haqqındadır. Buyurun, Əli müəllim.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli cənab Sədr. Bildiyiniz kimi, dövlət qulluğuna qəbulla bağlı ölkəmizdə son dövrlərdə islahatlar həyata keçirilir. Dövlət qulluğuna qəbulun qaydaları müəyyənləşdirilmişdir. Hazırda bütün sahələrdə dövlət qulluğuna şəffaf üsullarla qəbul həyata keçirilir. Bu qəbulu Dövlət qulluğu üzrə Komissiya həyata keçirir. Qanunvericiliyə müvafiq olaraq hər bir dövlət orqanı dövlət qulluqçuları haqqında məlumatların Dövlət Qulluqçuları Reyestrinə vaxtında, tam, dəqiq çatdırılması üçün məsuliyyət daşıyır. Belə demək mümkündürsə, dövlət qulluqçularının informasiya bankı, reyestri mövcuddur. “Dövlət qulluğu haqqında” Qanunda  nəzərdə tutulur ki, bu cür hallar yaranarsa, burada nöqsanlara yol verərlərsə, onda müvafiq qaydada məsuliyyət nəzərdə tutulmalıdır.
İndi biz İnzibati Xətalar Məcəlləsində məhz dövlət qulluqçuları haqqında məlumatların vaxtında və tam, düzgün verilməməsinə görə məsuliyyəti müəyyənləşdirməliyik. Cənab Prezident  tərəfindən göndərilmiş layihədə İnzibati Xətalar Məcəlləsinə yeni, 348-5-ci maddə təklif olunur. Məhz bu cür xətalara qarşı sanksiyaların tətbiq olunması təklif edilir. Əgər bu məlumatlar müvafiq dövlət orqanları tərəfindən Dövlət Qulluqçuları Reyestrinə vaxtında, tam və ya düzgün verilməzsə, onda vəzifəli şəxslər 300 manatdan 700 manatadək məbləğdə cərimə edilə bilərlər.
Dövlət qulluqçularının ölkəmizin idarəçiliyindəki xüsusi rolunu nəzərə alaraq həmin məsələdə bütün dövlət və hakimiyyət orqanlarının ciddi münasibətini önə çəksək, bu cür hallara yol verilməməlidir. Əgər yol verilərsə, qanunvericilik bunun qarşısını almaqdan ötrü inzibati qaydada sanksiyalar tətbiq  edə bilər. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Fazil Mustafa.
F.Mustafa. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri!  Əli müəllim burada müəyyən məsələlər haqqında ətraflı danışdı. Mən qısa olaraq bir maddə ilə bağlı narahatlığımı bildirmək istəyirəm. Bu, 407.1-ci maddədə nəqliyyat vasitəsinin qanunvericiliklə müəyyən edilmiş dayanma və durma qaydalarını pozduğu halda müvafiq icra hakimiyyəti orqanının mühafizə olunan duracağında saxlanılması məsələsi ilə bağlıdır. Ümumiyyətlə, praktikada biz nəyi görürük? Maşınlar yolun kənarında saxlanılır və orada da bir neçə taksi sürücüsü durur. Taksi sürücüsünə deyilir ki,  burada on maşın saxlandıqda sən bizə dərhal xəbər verirsən. Görünür, bəzi məqamlarda ona da müəyyən haqq çatır. Gəlib bu maşınları  duracağa aparırlar. Gedib orada bazarlıq edib maşını təzədən qaytarırsan.
Mədəni ölkələrdə  tam fərqli qaydalar tətbiq olunur. Əgər istisna hallar olarsa, yəni Prezidentin korteji keçirsə, yaxud xarici qonaq gəlirsə, buradan maşınların yığışdırılması vacibdirsə, maşınlar yığışdırılır. Təhlükəsizlik baxımından bunu anlamaq olar. Adi hallarda maşının üzərinə cəriməni yazıb qoyurlar. Sürücü maşının arxasınca getmir, həmin cəriməni bütövlükdə ödəyir. Ümumiyyətlə, bu qaydanın tətbiq olunması praktikasının  yığışdırılmasına tərəfdaram. İstisna hallar olmadıqda, maşının başqa yerə aparılması, əslində, düzgün deyil. Bu, vətəndaşın narazılığına səbəb olan haldır. Adi bir sürücü vətəndaş olaraq narahatlıq keçirməyə layiq deyildir. Vacib bir işi varsa, yaxud  orada nömrəsini qoyubsa, təcili işığı yandırıb gedibsə, maşını daşımağın mənası yoxdur.
 İnzibati Xətalar Məcəlləsində bununla bağlı müəyyən maddələr var,  bunu bilirəm. Ümumiyyətlə, praktikada bu məsələnin gündəmdən çıxarılması vacibdir, maşınların başqa yerə daşınmasının qarşısı alınmalıdır. Saxlama yerlərində də çox vaxt qanunsuz vəsait ödəyərək maşınların götürülməsi məsələsi vardır. Yaxşı ki, Daxili İşlər Nazirliyinin rəhbərliyi məsələdə çox doğru addım atdı, məsələni gündəmdən çıxardı. Amma biz qanunvericilikdə də bunu etməliyik  ki, gələcəkdə bu məsələlər gündəmə gəlməsin. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox sağ olun, cənab Sədr. Müzakirə olunan məsələyə, əlbəttə, mən səs verəcəyəm. Hesab edirəm ki, çox doğru olaraq burada 300 manatdan 700 manatadək cərimə müəyyənləşdirilir. Amma əvvəllər də, Oqtay müəllim, məsələ qaldırmışdım. Ümumiyyətlə, vəzifəli şəxsə cərimə müəyyən olunmamışdan qabaq biz İnzibati Hüquqpozmalar Məcəlləsinə  inzibati cəza növü kimi onun vəzifədən çıxarılmasını daxil etməliyik. Vəzifəli şəxs  digər vətəndaşlar üçün nümunə olmalıdır. Vəzifəli şəxs qanunu pozursa, deməli, birinci, onu vəzifədən kənarlaşdırmaq lazımdır, sonra ona cərimə təyin olunmalıdır. Bizdə hələlik  vəzifədən çıxarmaq növündə cəza nəzərdə tutulmayıb.
Deyirlər ki, ağac kəsmək olmaz. Vəzifəli şəxs bunun qarşısını  almaq əvəzinə özü ağacı kəsirsə,  birinci, onu vəzifədən kənarlaşdırmaq lazımdır. Ancaq bu halda ciddi nəticələr əldə oluna bilər. Mən sizə açıq söyləyirəm,  üzdə olmasa da, daxildə hamı mənimlə razılaşar ki, vəzifəli şəxs üçün 300–700 manat ciddi maddi məhrumiyyət yaratmır. Ona görə də bunun  ciddi nəticələr verəcəyinə inanmıram. Mən gözləmirəm ki, vəzifəli şəxs 300 manatdan qorxacaq və o dəqiqə aparıb bütün məlumatları təqdim edəcək. Bizdə, ümumiyyətlə, vəzifəli şəxslərin məsuliyyəti artırılmalıdır.
Bu gün hamımız  böyük narahatlıq hissi ilə, Oqtay müəllim, qeyd etdik ki, qiymətlər artırıldı. Mən başa düşürəm ki, həm nəqliyyatda, həm də su təchizatında buna ehtiyac var idi. Ona görə ki, bu müəssisələr gəlirlə işləyə bilmirlər. Amma burada qeyd olundu, dünyada böhran səngiməyib, ABŞ-da sahibkarlara 600 milyard manat, Azərbaycan dilində desək, yardım verildi ki, müəssisələr böhrandan çıxsın. İndiki dövrdə televiziyanı açırıq ki, qiymət qaldırılması ilə bağlı bu ölkədə, digər ölkədə qiyam başladı. Neftin də qiyməti qalxıb, Allaha şükür, 100 dolları keçib. Heç olmasa, böhran bir az aradan qalxana qədər “Azərsu” Səhmdar Cəmiyyətinə, yaxud Dövlət Dəmiryol İdarəsinə... Büdcədə də neftin qiymətini 60 dollar nəzərdə tutmuşduq, indi də 100 dollardır. Tarif Şurasının üzvləri, Nazirlər Kabineti oturub müzakirə edə bilmədilər ki, böhran səngiyənə qədər, lazımdırsa, fəaliyyət göstərə bilmələri üçün 6 ay bu strukturlara maddi dəstək verək?  Heç olmasa, bu ərəfədə qiymətləri qaldırmayaq. Özü də bunlar ən çox yoxsul təbəqəni vurur. Küçələrə axışanlar, əsasən, yoxsul təbəqədən olanlardır. Böyük imkanlı sahibkardan qazandığı  10 minin 2 minini tutub alanda narazı qalmır. Amma   su pulunun birdən-birə iki dəfə artırılması aztəminatlı ailələrin büdcəsinə təsir edir. Ona görə hesab edirəm ki, cənab Prezident buna bir müddət, heç olmasa, 6 ay müddətinə veto qoymalıdır.
Neft istehsal edən başqa ölkələrdə, məsələn, Küveytdə camaata milyardlarla pul paylandı, Livanda 20 milyard pul paylamaq istəyirlər. Yaxşı, biz pul paylamırıq, heç olmasa, müəssisələrə dotasiya verək ki, 6 ay, böhran səngiyənə qədər bu məsələlər öz həllini tapsın.
Vəzifəli şəxsdən  söhbət düşmüşkən bir məsələni də qaldırmaq istərdim. Vəzifəli şəxs elə fikirləşməməlidir ki, təqdimat gəlib və əsaslandırılıb, doğrudan da, bunun qiyməti qalxmalıdır, biz də bunu etməliyik. Vəzifəli şəxs məsuliyyət daşımalıdır. Beynəlxalq vəziyyəti, ölkədəki vəziyyəti nəzərə almalıdır. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Siyavuş Novruzov.
S.Novruzov. Çox sağ olun. Təşəkkür edirəm, hörmətli Sədr. Mən də bu qanun layihəsinə səs verəcəyəm, lazımdır. Burada həmkarlarım da bir neçə məsələni qeyd etdilər. Qeyd olundu ki, vəzifəli şəxslərin cərimələnməsi bu məsələlərlə əlaqədardır. Sadəcə olaraq, burada söhbət nədən gedir?  Vəzifəli şəxsi yol verdiyi nöqsana görə vəzifəsindən azad, yaxud həbs etməmək,  haqqında ciddi tədbir görməmək Azərbaycan iqtidarının, hökumətinin humanistliyindən irəli gəlir. Bütün dünyada belədir, cərimə edirlər, görürlər ki, tərbiyələnmir, digər addımlar atılır, vəzifəsindən  azad olunur,  həbs edilir və sair. İnsan bilərəkdən və ya bilməyərəkdən hansısa nöqsana yol veribsə, 30 il işlədiyi vəzifədən onu birdən-birə azad etmək olmaz. Bir ağacı kəsdiyinə  görə vəzifəli şəxsi işdən azad etmək olmaz. Bu tamamilə başqa bir şeydir. Buna yanaşma tərzi də başqa cür olur.
İkinci məsələ. Bir neçə dəfə belə paralellər aparıldı. Haradasa inqilab olub, üsyan baş verib. Bunun bizə nə aidiyyəti var? Bu paralelin aparılması heç yerinə düşməyən və məntiqə uyğun gəlməyən bir məsələdir. Ancaq İsa Qəmbərin, Əli Kərimlinin  düşüncə tərzi ilə ola bilər ki,  gecə yatıb səhər durub Azərbaycanda da inqilab olduğunu eşitsin. Azərbaycan dövləti,  hökuməti daim xalqla bir yerdə olub, xalqın maraqlarını müdafiə edib. Bütün sahələrdə – həm iqtisadiyyatda, həm sosial sahədə, həm də adamların gəlirlərinin artmasında, yeni iş yerlərinin açılmasında bu işlərlə məşğul olur.
Bu gün Misirdə, yaxud Tunisdə baş verən hadisələr oradakı  insanların pis vəziyyətdə yaşamasından qətiyyən asılı deyil. Bunların faktorları var. Amma hansı barmaqlar oranı qarışdırır? Sina yarımadasında, İsraildən tutmuş İran sərhədlərinə qədər ərazidə vəziyyətin gərginləşməsi ilə kimlər, hansı dövlətlər məşğuldurlar? Bu açıq-aydın deyilməlidir. Əl Baradey artıq prezident kimi danışır. Onu Misirə prezident kimi göndəriblər. Bunu hamı görür. Əl Baradey gələndə oradakı göy satanın vəziyyəti yaxşı olacaq? Xeyr. Sadəcə olaraq, bu gün həmin dövlətlər başqa bir iri dövlətin marağını əks etdirmədiyinə görə orada vəziyyəti qarışdırmaq istəyirlər. Həmin barmaqlar hər bir ölkəyə, regiona uzanır. Cənubi Qafqaza da, Orta Asiyaya da, ümumiyyətlə, müsəlman dünyasına uzanır.  Mən hesab edirəm ki, belə  paralellər gətirmək və Azərbaycanla müqayisə etmək tamamilə yersizdir. Bu gün Azərbaycanda inkişaf var, Azərbaycanda hər gün yeni-yeni müəssisələr açılır. Bu yerinə düşməyən bir məsələdir.
Digər tərəfdən, dəfələrlə vətəndaşlara hökumət tərəfindən güzəştlər edilir. Yadınızdadır, keçən dəfə qaz pullarını verməyən insanların 300 milyon borcunun silinməsi haqqında cənab Prezident sərəncam verdi, dedi ki, yaxşı, indiyə qədər verməmisiniz, keçdik, bundan sonra gedin qazdan normal istifadə edin və qaz pulunu verin. İşıq pulu ilə, su pulu ilə də bağlı belə hallar olub. Biz bunun dəfələrlə şahidi olmuşuq. İnsanlarda belə vərdişlər yaranıb. Qabaqlar jurnalistlər də deyirdilər ki, kimi istəyirik söyək, döyək, tutsalar, Avropa Şurası bir bəyanat verəcək, məni azad edəcəklər, mən də olacağam qəhrəman.  Bu vəba xəstəliyi Azərbaycanda qurtardı. Başa düşdülər ki, qanun qarşısında hamı bərabərdir. Yəni kimisə təhqir edəcəksənsə, cəzanı çəkəcəksən, o cümlədən redaktorlar da, jurnalistlər də. Vətəndaşlar arasında belə hallar mövcud idi. Mən filan partiyanın üzvüyəm, mən bu hərəkəti etsəm, məni tutmaq olmaz, dərhal mənə siyasi məhbus adı... Gedib dana oğurlayır, deyir ki, Müsavatın üzvüyəm, mənə siyasi məhbus adı verilsin. Belə halların həmin məsələyə nə aidiyyəti var? Bu bəladan da qurtardıq, bu da getdi. Düzdür, arada qarışdırılır.
İndi burada qiymətlərin artırılmasından danışdılar. Evində kranı işləmir, su axıb gedir, pulunu da verir.  Bu gün bizdə suyun və sair məhsulların  qiymətləri ucuzdur. Amma bunlardan istifadəyə insanların yanaşmasında dəyişiklik olmalıdır. Yanaşmanın da dəyişilməsi bundan ibarətdir k, insan nəyin isə pulunu ödəmirsə, ona yanaşması dəyişməyəcək. Bu baxımdan da belə addımlar atılır ki, hər bir vətəndaş öyrənsin, vərdiş etsin. Amerikada bir gün su pulunu verməyəndə evini əlindən alırlar, yaxud Avropanın istənilən bir ölkəsində 3 ay vergisini verə bilməyəndə evin qabağına satıldığı barədə lövhə vurulur. Bu gün banklarda nə qədər adam evini girov qoyub kredit götürüb. Bank işçiləri gələn kimi əlinə nefti götürür ki, özümü yandıracağam. Banklar da müflis olur. Krediti götürəndə fikirləş ki, bunu niyə götürürsən və necə istifadə edəcəksən? Bəla bundan ibarətdir ki, dövlətə borclu olmaq barədə fikirləşirlər. Dövlətin büdcəsi  haradan formalaşır? Neftdən gələn gəlirlərin hesabına borcları bağladıq, bəs gələcək insan resursunu haradan yetişdirmək olacaq? Bu məsələlərə çox kəskin şəkildə münasibət bildirmək lazımdır. Vətəndaşlarımız da yavaş-yavaş buna uyğunlaşmalıdırlar.
Digər tərəfdən, burada maşınların saxlanması ilə əlaqədar bir fikir söylənildi. Çox ciddi bir məsələdir. Azərbaycandakı yolların genişliyi heç bir yerdə yoxdur. Dünya ölkələrində onlar bunu bilirlər. Lakin bu gün Azərbaycanda həmin yollardan ancaq bir maşın keçə bilir. Hər yoldan keçən qoluna bir qırmızı bağlayıb orada özünə duracaq düzəldib. Strateji yollarda,  yeraltı keçidlərin üstündə, müəyyən dövlət idarələrinin qabağında bunlara rast gəlirik. Bu nə ənənədir formalaşıb? Biz dəfələrlə ABŞ-da, Avropada  olmuşuq. Yazırlar ki, burada maşın saxlamaq olmaz və heç kəs orada maşın saxlamır. Biri Biləcərdən gəlir, Səbailin ortasında maşını saxlayıb gedir.  Gəlmisən, apar başqa yerdə saxla.
Dünyanın hər yerində indi iki nömrəyə keçiblər. Cüt nömrəli maşınlar bir gün, tək nömrəlilər digər gün yollara çıxır. Dövlət maşını deyilsə,  ümumiyyətlə, orada saxlamağa ixtiyarı yoxdur.  Müəyyən qaydalar var ki, onlara riayət etməliyik, yavaş-yavaş uyğunlaşmalıyıq. Təbii ki, bütün vətəndaşlar bizim üçün əzizdir və biz bütün vətəndaşların hüquqlarını qoruyuruq. Elə özlərinə görə bu hüquqları qoruyuruq ki, dövlətimiz güclü olsun və vəsaiti vətəndaşın hesabına buraxsın. Oradan yığılan pullar haraya gedir? Bunun mənbəyi bəlli deyil. Kimsə orada cibini doldurur  və digər vətəndaşın isə hüququ pozulur. Deməli, birinin hüququnu qoruyursan, digərinin hüququnu pozursan. Oradan keçən avtobusdakı sərnişin saat yarım tıxacda dayanıb gözləyir. Kim isə  maşını saxlayıb çıxıb gedib gəzməyə, yaxud bir işin dalınca. Ona görə də biz çox ciddi cərimələr tətbiq etməliyik. Həmin cərimələrdən gələn vəsait bu məsələlərlə məşğul olan təşkilatların xeyrinə getməlidir ki, onlar belə məsələlərin həllində maraqlı olsunlar. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Siyavuş müəllim bir az ətraflı danışdı. Bilirsiniz ki, artıq Azərbaycanda nəqliyyatın idarə edilməsi haqqında qanun layihəsi hazırlanır. Millət vəkilləri ilə, o cümlədən Fəttah müəllimlə birlikdə  Seulda,  Cənubi Koreyada olmuşuq. Biz orada şəhər nəqliyyatının necə tənzimləndiyini gördük. Hər hansı bir maşın dayanacaq olmayan yerdə  5 dəqiqədən artıq saxlananda gəlib evakuatorla aparırlar.
Mən sizi əmin edirəm ki, indi öyrənmişik, şəhərdə bir çox maşın dayanacaqları boş qalıb, oraya maşın qoymurlar. Maşını şəhərin ortasına qoyurlar. Dar yollarda tıxaclar əmələ gəlir. Bu qanun layihəsində bunları nəzərə almalıyıq ki, şəhərdə tıxacların da qarşısı alınsın. Siyavuş Novruzovun dediyi kimi, yol qırağında iki sıra maşın düzülür, yolun keçidi daralır. Saat 5–6-dan sonra şəhərdə maşınla getmək mümkün deyil. Bunlar hamısı yavaş-yavaş tənzimlənməlidir. Mən əminəm ki, bu sahədə qanun həyata keçiriləndən sonra həmin məsələlər öz-özünə aradan çıxacaq.
Eşidirəm ki,  Misirlə, Tunislə bəzi paralellər aparırlar. Tamamilə başqa məsələlərdir. Ancaq burada suyun qiymətinin qalxması ilə bağlı populist danışmaq lazım deyil. Xahiş edirəm, birinci, Tarif Şurasının qaldırdığı qiymətlərə baxın. Tullantı suyun qiyməti 2 qəpik, içməli suyunki isə 12 qəpik artırılıb. Bir butulka suyu dükandan neçəyə alırsınız? Şəhərə su gətirilib, şəhərin su təchizatı düzəlir. “Azərsu” gəlirlə işləyə bilmir, işçiləri maaş ala bilmirlər. Həmin şirkətdə 12 min adam işləyir. Dəmir yolunda da vəziyyət belədir.
Başqa ölkələrlə müqayisə etsək, görərik ki, buradakı tariflər Ermənistan və Gürcüstandan 3 dəfə ucuzdur. Misal çəkdiyiniz ölkələrdən isə 4 dəfə ucuzdur. Dünyanın heç bir yerində suyun qiyməti Azərbaycandakı kimi  ucuz  deyil. Bu barədə çıxışlarınızda diqqətli olun, xahiş edirəm. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirəsiniz.

Səsvermənin nəticələri (saat 16.44 dəq.)
Lehinə 109
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  109
Nəticə: Qəbul edildi

Sağ olun, qəbul edildi.
Növbəti məsələ “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədədir. Əli Hüseynli, buyurun.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli cənab Sədr. Bildiyimiz kimi, “Dövlət qulluğu haqqında”  Qanunun 28-ci maddəsi dövlət qulluğuna qəbulun şərtlərini özündə ehtiva edir. Dövlət qulluğuna qəbul qanunvericiliyə müvafiq olaraq müsabiqə və müsahibə yolu ilə həyata keçirilir. Etiraf etməliyik ki, bu sahədə həyata keçirdiyimiz islahatlar bir sıra müsbət nəticələr verib. Eyni zamanda, bu proses daim təkmilləşir. Buna baxmayaraq, bir sıra problemlər də mövcuddur. Müvafiq dövlət orqanları, o cümlədən dövlət qulluğuna işə qəbula məsul olan komissiya qanunvericiliyin tətbiqi ilə bağlı baş verən qüsurları, nöqsanları da daim diqqətdə saxlayır. Bu prosesin daha mükəmməl, şəffaf həyata keçirilməsi ilə bağlı təkliflər də irəli sürülür.
Cənab Prezident tərəfindən təklif olunan əlavələr və dəyişikliklər  dövlət qulluğuna qəbulun şərtlərini daha da dəqiqləşdirir. Təklif olunur ki, 28.2-ci maddənin üçüncü cümləsi belə verilsin: “Müvafiq dövlət orqanı vakant olan vəzifələr barədə mütəmadi olaraq (ən azı ayda bir dəfə)  müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir”. Əvvəl nəzərdə tutulurdu ki, müəyyən dövrdən sonra, yəni 20 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanı vakant yer haqqında məlumat verməlidir. Amma  hazırda qanun bütün müvafiq icra hakimiyyəti orqanlarının üzərinə vəzifə qoyur ki, vakant yer haqqında mütəmadi olaraq məlumat verilməlidir. Təbii ki, insanlar, vətəndaşlar dövlət orqanlarına qəbulla bağlı müraciətlər edirlər və bu proses mütəmadidir. Hər zaman vakant yerlərlə bağlı vətəndaşlar məlumatlı olmalıdırlar.
28.3-cü maddəyə edilən dəyişiklik bu prosesin sürətlənməsinə, şəffaflığına xidmət göstərməlidir. Belə ki, müsabiqədə iştirak etmək istəyən şəxslər müsabiqə elan edilən gündən etibarən 30 gün ərzində müvafiq icra hakimiyyəti orqanına müraciət edə bilərlər. Yəni burada konkret müddət göstərilir. Ən vacibi isə nədir? Forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən müraciət elektron və ya kağız daşıyıcılar vasitəsilə göndərilə bilər. Əvvəlki variantda vətəndaşlar mütləq oraya gəlmək, sənədi təqdim etmək məcburiyyətində qalırdılar. Amma  hazırda  müasir informasiya texnologiyalarından gənclərimiz, işə qəbul olunmaq istəyən insanlar istifadə edə bilərlər. Bu formanın da tətbiqi nəzərdə tutulur.
Test imtahanını müvəffəqiyyətlə verən şəxslər sənədlərini 10 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına təqdim edir və müsahibəyə buraxılırlar. Müsahibə sənədlərin qəbulu başa çatdıqdan sonra 30 gün ərzində keçirilir. Bu müddəa da qanunun 28.5-ci maddəsində var idi, amma  yeni variant müddətləri tənzimləyir. Bu prosesi həyata keçirən dövlət və ya müvafiq icra hakimiyyəti orqanı üçün konkret müddətlər müəyyən edir.  Sənədlərin hansı müddətdə qəbul olunması və müsahibənin keçirilməsi müddəti dəqiq göstərilir.
Növbəti əlavə də 28.6-cı maddə ilə bağlıdır. Qanuna aşağıdakı məzmunda 28.6-1-ci maddə əlavə edilir: “Bu Qanunun 28.6-cı maddəsində nəzərdə tutulmuş staj və sınaq müddəti müvafiq icra hakimiyyəti orqanında inzibati vəzifələrin  altıncı-doqquzuncu təsnifatlarına uyğun olan vakant vəzifələr üzrə müsahibə əsasında ilk dəfə dövlət qulluğuna qəbul edən şəxslərə də şamil edilir”.
Məlumat üçün demək istəyirəm ki, buradakı təsnifatlar deyiləndə rayon və şəhər icra hakimiyyətləri nəzərdə tutulur. Yəni təsnifat bölgüsü ilə icra hakimiyyəti orqanları nəzərdə tutulur. Bu təsnifatlara uyğun dövlət qulluğuna qəbul 29.2-ci maddənin 4-cü hissəsinə müvafiq olaraq yalnız müsahibə yolu ilə aparılır. Təklif olunan 28.6-1-ci maddənin mətnindən göründüyü kimi, staj və sınaq müddətinin müvafiq icra hakimiyyəti orqanında, yəni rayon və şəhər icra hakimiyyətlərində, altıncı-doqquzuncu təsnifatlarına uyğun olan vakant vəzifələr üzrə müsahibə əsasında ilk dəfə dövlət qulluğuna qəbul edilən şəxslərə də şamil edilməsi nəzərdə tutulur.
Hesab edirəm ki, dövlət qulluğuna qəbulla bağlı məsələlər daha düzgün tənzimlənməlidir, yəni hətta bu təsnifatlara uyğun olan dövlət qulluqçuları da müəyyən  staj və  sınaq müddəti keçməlidirlər. Bu baxımdan qanuna edilən  dəyişikliklər və əlavələr dövlət qulluğuna qəbulu daha dəqiq tənzimləmiş olar. Əlavələr və dəyişikliklər haqqında bu qədər. Bir daha vurğulamaq istəyirəm ki, bu layihə həm Dövlət qulluğu məsələləri üzrə komissiyanın indiyə qədər qazandığı təcrübədən irəli gəlir, həm də  günün tələblərinə uyğun olaraq məsələnin daha şəffaf və dəqiq tənzimlənməsinə xidmət edir. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən.  Çox sağ olun. Elmira Axundova.
E.Axundova. Çox sağ olun, hörmətli  Sədr. Hörmətli deputatlar! Düşünürəm ki, “Dövlət qulluğu haqqında” Qanuna edilən dəyişikliklər və əlavələr aktual və məqsədəuyğundur. Xüsusən də vakant yerlər barədə dövlət orqanları tərəfindən Dövlət qulluğu məsələləri üzrə komissiyaya məlumat verilməsinin konkret vaxtının göstərilməsi, test imtahanını müvəffəqiyyətlə verən şəxslərin sənədlərinin icra hakimiyyəti orqanına təqdim edilməsi vaxtının dəqiqləşdirilməsi əhəmiyyətlidir.
Ən mühüm əlavə isə məncə, 29-cu maddədə edilir. Bu əlavədə deyilir: “Müvafiq icra hakimiyyəti orqanı və müsabiqə (müsahibə) barədə qərar qəbul edən müvafiq dövlət orqanı həmin müsabiqə və müsahibələrin ədalətli, şəffaf və operativ keçirilməsini təmin etməlidirlər.” Təsadüfi deyildir ki, bu qanunda birinci mərhələ, yəni test imtahanının şəffaf və ədalətli keçirilməsi haqqında müddəa, ümumiyyətlə, yoxdur, çünki test imtahanlarını kompüter götürür və buraya insan amili daxil deyildir. Lakin müsabiqəyə gəlincə onu insanlar həyata keçirirlər və burada bəzi xoşagəlməz hallar ola bilər.
Mənim yanıma dəfələrlə ali təhsilli insanlar gəlir, onları işə düzəltməyimi xahiş edirlər. Onlara deyəndə ki, get özünü keçirilən testlərdə sına, cavab verirlər ki, sınayıblar, testlərdən uğurla keçiblər, lakin müsabiqədən heç cür keçə bilmirlər. Ona görə də təklif edərdim ki, müsabiqəyə aid əlavələrə bir cümlə də artırılsın. Yazılsın ki, “bu müsabiqələr ictimaiyyətin, QHT-lərin, o cümlədən abituriyentlərin, onların valideynlərinin iştirakı ilə də keçirilə bilər”.
Adətən, bir yerə 5-6 insan iddialıdır və müsabiqədən keçməyənlərdə müəyyən bədbinlik,  inamsızlıq yaranır. Yəni mən testi uğurla keçmişəm, biliyim var, lakin müsabiqə üçün başqa keyfiyyətlər – tanışlıq, qohumluq əlaqələri, yuxarıdan zənglər və  sair lazımdır. Əlbəttə, bu heç də həmişə belə deyil, bilikli, hazırlıqlı cavanlar dövlət qulluğuna qəbul olunurlar və uğurla da işləyirlər. Lakin Dövlət qulluğu məsələləri üzrə komissiya irəli gedərək öz qəbulunu maksimum dərəcədə daha da şəffaf və ədalətli keçirməlidir. Buna görə də, məncə, təhsil məsələləri ilə məşğul olan qeyri-hökumət təşkilatlarının üzvlərini, lazım gələrsə, bizi, millət vəkillərini də müsabiqələrdə müşahidəçi kimi iştirak üçün dəvət edə bilər və etməlidirlər.
Ümumiyyətlə, istərdim ki, Dövlət qulluğu məsələləri üzrə komissiyanın işini kütləvi informasiya vasitələri daha geniş işıqlandırsınlar. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə kimi Dövlət qulluğu məsələləri üzrə komissiyanın sədri də hər qəbuldan sonra mətbuat konfransları keçirməli, ictimaiyyətə məlumat verməlidir. Test nümunələrindən ibarət kitabçalar, jurnallar buraxılmalıdır. Daha tez-tez televiziya vasitəsilə ali təhsilli cavan mütəxəssislərə  müraciət edilməlidir və sair və ilaxır. Bir çox yerlərdə, ələlxüsus da rayonlarda, kənd yerlərində bu komissiyanın fəaliyyəti ilə tanış deyildirlər və bilmirlər ki, dövlət qulluğuna necə və hansı üsulla qəbul edilə bilərlər. Yəni bu qurumun fəaliyyəti daha şəffaf, daha açıq olmalıdır və insanlarla bu komissiyanın üzvləri daha sıx ünsiyyət  yaratmalıdırlar. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.   
Q.Həsənquliyev. Çox sağ olun, cənab Sədr! Oqtay müəllim, hesab edirəm ki, müzakirə olunan əlavə və dəyişikliklər qanunun təkmilləşdirilməsi istiqamətində bir addımdır. Amma bu istiqamətdə daha ciddi dəyişikliklər edilməlidir. Mərhum Prezident Heydər Əliyev vaxtilə hüquq komissiyası yaratmışdı, bu komissiya çoxdan fəaliyyətini dayandırıb, cəmiyyətimiz inkişaf etdikcə qanunlara əlavə və dəyişikliklər etmək lazım gəlir, qanunları təkmilləşdirmək, onları dəyişdirmək, yeni qanunlar qəbul etməyə ehtiyac var. Ona görə də, məncə, bu qanunlar üzərində mütəmadi işlənməlidir. Belə bir komissiyanın fəaliyyətinə,  o cümlədən də dövlət qulluğuna qəbulla bağlı islahatların aparılması  istiqamətində ciddi dəyişikliklərə ehtiyac var.
İndiyə qədər xüsusi qabiliyyət tələb edən sahələrə orta məktəbi bitirən abituriyentlər əvvəlcə müsabiqədən keçirdilər, sonra imtahan verirdilər. Bu sahədə  onların qabiliyyəti yoxlanılır, sonra  imtahana buraxılırdılar. İndi necədir? Uşaq əziyyət çəkir, 1000 sualı oxuyur, öyrənir, sonra müsabiqədən keçir. Əslində, müsabiqə ilə test imtahanının yeri dəyişdirilməlidir. Birinci, müsabiqədə yoxlamalıdırlar ki, şəxsin ağlı başındadır, bu adam dövlət qulluqçusu ola bilər, yoxsa yox? Bundan sonra əgər müsbət fikir bildirilərsə, imtahana buraxılmalıdır. Əgər  dövlət qulluğuna qəbulla bağlı 40 yer varsa, ən çox bal toplamış 40 nəfər sözsüz-söhbətsiz qulluğa qəbul olunmalıdır və bu heç bir narahatlıq doğurmamalıdır.
İkinci, hesab edirəm ki, biz burada irəliyə doğru addım atırıq. Bu da ondan ibarətdir ki, vətəndaşın gedib harasa yalnız yazılı şəkildə müraciət etməsi vacib deyil. Yəni o, elektron rabitə ilə müraciət edə bilər. Seçkilərlə bağlı mütərəqqi nümunə də var. Bu da ondan ibarətdir ki, online vasitəsilə 500-dən artıq məntəqədə bütün seçki prosesi 12 saat ərzində yayımlanır. Mən hesab edirəm, bunu təşkil edə bilən hökumət həmin müsabiqələrin də online vasitəsilə yayımlanması üçün şərait yarada bilər. Əgər vətəndaş elektron vasitə ilə ərizə verə bilirsə, bu müsabiqə də online vasitəsilə yayımlana bilər. Lazım gələrsə, bunu hətta videoya köçürmək olar.
Vəzifəli şəxsin hərəkətindən vətəndaşın şikayət vermək hüququ var. İndiki halda müsabiqədən keçməyən vətəndaşın həmin vəzifəli şəxsin hərəkətindən şikayət etmək imkanı qalmır və o, sonradan haqlı olduğunu sübut edə bilmir. Amma müsabiqə videolentə köçürülsə və vətəndaş məhkəmə qarşısında  vəzifəli şəxsin qərəzli olduğu  haqqında iddia qaldırarkən həmin lent məhkəməyə təqdim edilə bilər. Keçən müsabiqələrdə  iştirak edən vətəndaşlarla müqayisə də aparmaq olar, ədalətli, obyektiv seçki bu olar.
Mən vaxtilə Hüquqşünaslar konfederasiyasının üzvü kimi hakimlərin seçilməsində müşahidəçi qismində iştirak etmişəm. İnanırsınız,  iş çox mükəmməl təşkil olunub. Sualları da 1000 sualın içərisindən kompüter seçir. İmtahan bitən kimi cavablar birbaşa kompüterə  daxil edilir, nəticələr dərhal ekranda göstərilir. İmtahan bitən kimi vətəndaş nəticəni bilir, demirlər ki, get, sabah gəl, cavabı öyrən. Burada da heç bir narahatlıq ola bilməz, hamı bunu alqışlayır. Amma hamı nə deyirdi? Məni orada tanıyan adamlar xahiş edirdilər, kömək edin, bu məsələləri mütəmadi qaldırın ki, müsabiqənin ikinci hissəsi də şəffaf keçirilsin. Niyə, nə ehtiyac var? Demək, üç test verilir, sonra yazılı imtahan, sonra da müsahibə olur.
Yazılı imtahan nə deyilən şeydir? Test imtahanı verəndə, onun içərisində iki-üç yazılı sual olsun,  onsuz da həmin şəxsin qabiliyyəti orada bilinəcək. İndi bizdə abituriyentlər ali məktəblərə qəbul olunarkən, bir çox sualların cavabları, məsələn, riyaziyyatdan, məndə olan məlumata görə, yazılmır ora ki, abituriyent düz cavabı müəyyənləşdirib orada qeyd etsin. Özü birbaşa həmin məsələni həll eləyib, sonra cavabı yazmalıdır. İndi yazılı imtahan da testlə bir yerdə, eyni vaxtda keçirilsin. Vacib deyil ki, 100 sual verilsin, müsabiqəyə qatılan şəxsə 50 sual verilsin, əvəzində vaxtın yarısı da  bir-iki yazılı suala cavab verməyə ayrılsın. Əgər doğrudan da, göstərmək istəyiriksə ki, bu müsabiqə ədalətli, şəffaf olsun, özümüz də  bunu necə etmək lazım gəldiyini bilirik. Dediyim məsələləri mütləq həyata keçirməliyik və imkan yaratmalıyıq ki,  sonra vətəndaş müsabiqədən keçməyəndə şikayət edib özünün haqlı olub-olmadığını məhkəmə qaydasında aydınlaşdıra bilsin. Dediyim məsələlərin online vasitəsilə yayımlanmasının, videolentə alınmasının və müsabiqənin testdən önə keçirilməsinin, məncə, qanuna daxil edilməsi bu sahədə şəffaflığın təmin edilməsi olardı. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ ol. Hər şeyi yaxşı dedin, amma bunu göstərmək üçün deyil, həyata keçirmək üçün edirik. Gülər Əhmədova.
G.Əhmədova. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Mən həmkarım Qüdrət Həsənquliyevin fikri ilə tamamilə razıyam ki, biz bu qanunda müəyyən məsələlərdə birinci və ikinciliyi gözləməliyik. Qanunla əvvəl müsahibə, sonra test imtahanları olmalıdır. Mən əminəm ki, bütün millət vəkillərinin qəbullarında belə insanlar olurlar. Onlar iki, bəzən üç dəfə imtahanlardan keçirlər, amma müsahibədən keçə bilmirlər. Bu da haqlı olaraq narazılıq yaradır. Bəzi hallarda heç bir rüşvətdən, korrupsiyadan söhbət getmədiyi halda, söyləyirlər ki, məndən rüşvət istədilər, vermədim deyə qəbul etmədilər. Amma tam mümkündür ki, bir insan hər hansı psixoloji məqamlara, xarakterik xüsusiyyətlərinə görə  və yaxud təcrübə,  insanlarla işləmək baxımından dövlət qulluğunda işləməyə yararlı olmasın.
Ciddi narazılıqların, sosial cəhətdən müəyyən narahatlıqların aradan qaldırılması üçün çox yaxşı olardı ki, əvvəl dövlət qulluğuna gələcək insanla görüşsünlər və bu insan, doğrudan da, yararlıdırsa, onu göndərişlə imtahana göndərsinlər. Nəyə görə göndərişlə? Çünki dəfələrlə parlamentdə bu məsələni demişik, amma nə üçünsə hələ də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə əmək bazarı arasında əlaqə yaradılmır. Ən maraqlısı budur ki, bəzi hallarda dövlət qulluğuna lazım olan mütəxəssislər tapılmır. Bu barədə müsahibələr alınarkən nazirliklərin birinci simaları deyirlər ki, biz mütəxəssis tapa bilmirik. Amma eyni zamanda, bu gün kifayət qədər insan  ali məktəb diplomu ilə gəzir və özünə uyğun iş yeri tapa bilmir. Bu da əmək bazarının tənzimlənməsi üçün vacib bir məsələdir. Əlbəttə, bu məsələlər nəzərə alınmalıdır.
Bu gün kütləvi surətdə hüquqşünas, iqtisadçı kimi bir neçə ixtisasın arxasınca qaçılması ona  gətirib çıxarıb ki, mühəndis və digər sənət sahibləri ilə bağlı müəssisələrdə artıq problemlər yaranıb və işçi tapa bilmirlər.
Üçüncü bir məsələni də qeyd etmək istərdim. Bu məsələ Bolonya sisteminə keçməklə bağlıdır. Biz dövlət qulluğu ilə bağlı yazmışıq ki, hərbi xidmətdə olmuş insanlar bəzi nazirliklərdə dövlət qulluğuna qəbul edilirlər. Amma bu gün kredit sisteminə keçmək elə bir şərait yaradıb ki, tələbə bakalavr kursunu 7 ilə bitirə bilər. Yəni kredit sistemi buna imkan verir. Bu zaman həmin gəncin hansı dövrdə əsgərlikdə olması, daha sonra magistraturada oxuması problemi yaranır. Bundan sonra dövlət qulluğuna necə girəcək, hansı problemlər həll olunacaq? Mənə belə gəlir ki, burada artıq müəyyən bir qarışıqlıq yaranıb. Ona görə çox istərdim ki, bu və yaxud bundan sonrakı sessiyada həmin məsələləri diqqətlə araşdıraq. Təəssüflə  demək istəyirəm, hələ də Azərbaycanda hesab edirlər ki, ali məktəbi bitirən şəxs mütləq dövlət qulluğunda çalışmalıdır və hamı dövlət qulluğuna can atır. Əlbəttə, bu məqamları aradan qaldırsaydıq, müəyyən mənada narazılıqları da aradan götürmüş olardıq. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Zahid Oruc.
Z.Oruc. Hörmətli Sədr, mən bu məsələ ilə bağlı müzakirələrdə ikili bir hiss yaşayıram. Birincisi, Azərbaycanda hər kəs maraqlıdır ki, dövlət idarəetmə, dövlət qulluğu sistemi kifayət qədər peşəkarlardan ibarət olsun. Eyni zamanda, paralel şəkildə özümüz də ona çalışırıq ki, müxtəlif xahişlər də işləsin. Bax bu iki məsələni necə üzvi şəkildə bağlayaq ki, həm sözlərimiz eşidilsin, həm də dövlət qulluqçuları, doğrudan, peşəkarlardan ibarət olsunlar. Dövlət idarəetmə sistemində peşəkarları formalaşdırmaq zaman tələb edir. Bu müəyyən bir karyera sisteminin qurulması ilə də bağlıdır, orada qanunun necə işləməsindən, rotasiyalardan, təşəbbüskarlığa meydan verməkdən və sairdən asılıdır. Biz indi konkret məsələni müzakirə edirik. Ona görə də məsələyə toxunmaq istəyirəm.
Birinci, mən xatırlayıram. Bu qanun Rusiyanın qanunvericiliyinin oxşarı olaraq qəbul edildi. Bu da başa düşülən idi.  Bəlkə Rusiya da başqa bir ölkənin təcrübəsini özündə tətbiq etdi. Amma Rusiya federal ölkədir. Rusiyanın inzibati idarəetmə sistemi bizdəkindən tamamilə fərqlidir. Niyə bunu deyirəm? Dövlət qulluğu məsələləri üzrə komissiyanın 6–9-cu təsnifat üzrə keçirdiyi test imtahanları nə qədər insanı əhatə edir? Çox deyil, dediyimiz  təsnifata düşən hissə çox azdır. Qalan hissə dövlət orqanlarının səlahiyyətindədir. Dəfələrlə  ayrı-ayrı strukturları tənqid edəndə deyilir ki, nədən yalnız özləri qəbul aparırlar, nədən özləri təyin edirlər? Dediyimiz məsələlər bu qanunla bağlıdır. Bu hər hansı bir nazirin təkcə özünün seçimi deyil, hətta 7-ci təsnifat üzrə vəzifəni özü təyin edir. Bu, Dövlət qulluğu məsələləri üzrə komissiyanın ixtiyarına verilmir ki, onlar bunu testlə etsinlər.
Mən təklif edirəm, birinci, “Dövlət qulluğu haqqında” Qanuna yenidən baxmalıyıq. Bu mənim birinci yanaşmamdır. İkinci, bu, bir məsələni də meydana çıxarır. Hamımız övladlarımızın üzərində əsirik ki, gələcəkdə  ali təhsilli olacaq, olmayacaqlar? Dövlət qulluğuna qəbul nə qədər ajiotajla gedir. Deyirlər, guya yayda belədir, amma qəbul qışda da keçirilsə, insanlar bu ajiotajla da yaşayacaqlar və valideynlər də imtahan günü gəlib orada dayanacaqlar. Bu qəbuldakı ajiotajı ortadan götürmək üçün diploma önəm vermək lazımdır. Diplom real bilik ifadəsi, bilik göstəricisi olmalıdır. Diplom belə olsa, onda dövlət qulluğuna seçiləcək şəxslər üçün bir az da artıq imkanlar yaranacaqdır. Artıq orada kimin isə ədalətini, müsabiqəni apararkən özəl yanaşmalarını və ya insan amilinin olub-olmadığını araşdırmayacağıq.
Biz hələ qəbulda ajiotaj yaşayırıq ki, övladımız diploma sahib olacaq. Həmin diplomla, kiminsə, lap elə bizlərin təkanları ilə həmin şəxs harada isə dövlət qulluğuna götürüləcək. Diplomu da dövlət qulluğuna qəbul üçün keçirilən testə bənzər bir testlə almış olsa, onda artıq bəlkə heç qəbula gəlməyəcək. Artıq birinci ildən o, qərarını vermiş olacaq. Hesab edirəm ki, əslində, çox normal qanundur. Hər birimiz istəyirik ki, Azərbaycanın dövlət idarəçiliyində bu cür qabiliyyətli insanlar çalışsınlar, məsuliyyətli olsunlar. Bununla bağlı xeyli qanunlar da qəbul olunub. Amma etiraf etmək lazımdır ki, dövlət qulluqçuları hələ də peşəkarlardan ibarət deyil. Bunun üçün zaman tələb olunur.
Cənab Prezident bir dəfə müsahibələrin birində bu məqamı çox açıq  vurğuladı. Buna qarşı dərhal müxalif mövqelərdən əks yanaşmalar oldu ki, niyə yetişdirməmisiniz, təhsil sizin əlinizdədir və sair. Amma bu,  zaman istəyən bir məsələdir. Xaricdə oxuyub təhsil alanların hamısını yüksək səviyyəli peşəkarlar da saymaq olmaz. Bu, əlbəttə, mənim şəxsi yanaşmamdır. Onların dil bilmələrinə də, dünya görüşünə də hörmətə rəğmən bir sıra parametrlərə görə onlar müəyyən strukturlarda işləyə bilməzlər və ya işləmələri ciddi problemlər yaradar. Ona görə də dövlət qulluğu sisteminin bu cür bərqərar olunmasını mən demokratik idarəçilik üçün çox mühüm addım hesab edirəm. Amma dediyim sənədə də yenidən baxılmasını təklif edirəm. Sağ olun.
Sədrlik edən. Siyavuş Novruzov. Məsələni yekunlaşdırırıq. Xahiş edirəm, qanunlarımız çoxdur, birinci oxunuşda qanun layihəsi olacaq. Gülər xanım çıxış edib, sual hazırlayır. Sualları yazılı surətdə verərsiniz. Siyavuş Novruzov çıxış edin, bununla müzakirələri bitirək.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Vacib bir məsələdir. Bu gün cəmiyyətdə baş verən proseslərdə Milli Məclisin üzvləri də iştirak edirlər. Milli Məclisin elə deputatı yoxdur ki, ona kimlərsə, seçiciləri övladlarının işə düzəlməsi ilə və digər məsələlərlə bağlı müraciət etməsinlər.  Azərbaycanda çox gözəl bir sistem yaradılıb. Dövlət qulluğunda işləmək üçün mütləq testdən keçmək lazımdır. Burada iki paralel aparıldı. Təkliflər oldu ki, əvvəl müsahibə keçirilsin, sonra test olsun.
Mənim yadıma gəlir, hörmətli Ziyafət müəllim də burada iştirak edir. Vaxtilə hüquq fakültəsinə qəbuldan qabaq müsahibə keçirirdilər. Sənədi qəbul etmək üçün müsahibə də keçirilirdi, heç imtahan verməmiş müsahibədə məsələsini həll edib yola salırdılar. Yəni müsahibə tamam  başqa bir məsələdir, test başqa. Test birinci olmalıdır. Əgər müəssisə, idarə bir şəxslə müsahibə apardı və onu bəyəndisə, həmin şəxs testdən keçə bilmədisə, sonra onun yerinə kimi götürəcəklər? Birinci, şəxs ümumi biliklərini,  sonra isə xüsusi biliklərini göstərməlidir. Bunu hüquqşünaslar da gözəl bilirlər. Cinayət hüququnun birinci ümumi hissəsini, sonra xüsusi hissəsini keçirlər. Hər bir vətəndaşın, gəncin test üsulu ilə dövlət qulluğuna qəbulu vacib  şərtdir.
İkinci, müsabiqənin aparılmasından danışıldı. Müsabiqəni tək bir şəxs aparmır. Burada Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının, aidiyyəti nazirliyin  nümayəndəsi olur. İndi seçki komissiyalarında olduğu kimi, müşahidəçilər dəvət edək ki, gəlin siz də burada tamaşa edin, seçki keçiririk? Valideyn orada ağlasın, ata burada qışqırsın? Bununla dövlət qulluğu olur? Bu gün qabiliyyətli insanlara çox böyük ehti-yac var. Mən deyim ki, insanın qabiliyyəti varsa, onu göydə götürəcəklər, heç qoymayacaqlar ki, bu insan  kənarda qal-sın.
Bu yaxınlarda biz Təhsil Nazirliyinin kollegiyasında işti-rak edirdik. Hörmətli Bahar xanım da orada idi. Xaricdə ali təhsil alıb gələnlərin cəmi bir nəfəri dövlət qulluğuna gedib-dir, qalanları özəl müəssisələrdə işləyirlər. Nədir bunun səbəbi? Özəl müəssisələrdə 1500 manat əmək haqqı verir, dövlət qulluqçusu hansı isə nazirlikdə 200 manat alır. 1500 manat onu qane etmir, o 200 manat alıb orada nə isə neqativ işlərlə məşğul olmaq istəyir, vəssalam. Ancaq arzusu, istəyi bundan ibarətdir. Təbii, ola bilər, kim isə karyera da qurmaq istəyir. Bu məsələ də var. Mən buna toxunmaq istəmirəm. Bu gün özəl müəssisələrdə yüksək əmək haqqı ilə işlər təklif olunur, amma gərək insanın da qabiliyyəti olsun.
Zahid müəllim çox gözəl dedi. Biz diplom eşqi ilə yaşayırıq. Hamı deyir ki, uşağımın diplomu var, amma bu uşaq tərcümeyi-halını yaza bilmir. Bəlamız bundadır. Yəni bu gün hamı diplomunu alır. Hansı yolla? İnstitutda imtahandan kəsirlər, gedir müəllimin qabağında ağlayır, özünü öldürür, birtəhər zülmlə, xahiş-minnətlə  diplomunu alır. Sonra başqa bir yerdə kəsilir, bir xahiş-minnətlə bunu da qoparır. Peşəkarları bununla yetişdirmək olmaz. Cəmiyyət başa düşməlidir ki, diplom xatirinə oxumaq olmaz, elm, savad xatirinə oxumaq lazımdır. Bir sahəni mükəmməl bilmək lazımdır. Sabah bu şəxs Vergilər Nazirliyinə sənəd verib ümumi testdən keçdi, gəldi Vergilər Nazirliyinə. Verginin xüsusiyyətləri var. Orada ona 3 sual verib görürlər ki, bu adamın həmin sahədən, ümumiyyətlə, xəbəri yoxdur. Ona deyirlər ki, keçə bilməzsən, digəri səndən yaxşı cavab verdi. Bax bu baxımdan da qəbul edilir. Bilirsiniz, hər şeyi də şişirtmək lazım deyil.
Bu gün düzgün istiqamət bundan ibarətdir ki, savadlı, təhsilli, qabiliyyətli mütəxəssislər hazırlamaq lazımdır. Qabiliyyəti varsa, özünə iş tapacaqdır, qabiliyyəti yoxdursa, həmin adamı dövlət qulluğuna götürməyin heç bir mənası yoxdur. Doğma atası da öz idarəsinə götürsə, onu müflis edəcəkdir. Dəfələrlə bunun şahidi olmuşuq. Ona görə də on-lara əmək haqqı verəcək, amma heç bir iş tapşırmayacaqlar. Bu daha yaxşı başa gələr. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Qüdrət müəllim, sən çıxış etmisən, xahiş edirəm, 10 dəqiqə vaxtın var idi, 5 dəqiqə danışdın. İncimə, xətrini istəyirəm, ancaq sözü dedik. Çingiz Qənizadə, Siz çıxışa yazılmısınız, buyurun.
Ç.Qənizadə. Hörmətli həmkarlar! “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələrlə bağlı bu gün təqdim olunan layihədə, əsasən, həmkarlarımı narahat edən məsələ müsahibənin keçirilməsində insan resurslarının daha çox olması və şəffaflığın olmamasıdır. Təbii, bu məsələ həmkarlarım kimi məni də həmişə narahat edirdi. Burada indi ümumi fikirlərlə hərə öz mövqeyini bildirdi. Amma mən çox istərdim ki, layihənin özünə diqqətlə yanaşılsın və baxılsın. Burada artıq bizim bu narahatlığımız qismən aradan götürülüb. Artıq bizim narahatlığımıza səbəb olan məqamlar, yəni bu müsabiqələrin şəffaf və ədalətli keçirilməsi məsələsi yeni variantda öz əksini tapıb. İcazə verin, mən indi bunu olduğu kimi həmkarlarımın diqqətinə çatdırım.
Deməli, 29.2-ci maddənin təklif olunan yeni variantında artıq bizim bu narahatlığımıza son qoyuldu. Burada konkret göstərilir: “Müvafiq icra hakimiyyəti orqanı və müsabiqə (müsahibə) barədə qərar qəbul edən müvafiq dövlət orqanı həmin müsabiqə və müsahibələrin ədalətli, şəffaf və operativ keçirilməsini təmin etməlidirlər”. Yəni bu əlavə artıq bizim narahatlığımızı aradan götürmüş oldu.
Bayaq Elmira xanımın da qaldırdığı məsələdə həqiqət var, yəni şəffaflığın olması məqsədəuyğundur. Bundan sonra müsahibələrin, test imtahanlarının keçirilməsi şəffaflıqla təmin ediləcək, çünki artıq bu məsələ qanunla tənzimlənəcək. Belə hesab edirəm ki, bu qanun qəbul edildikdən sonra dövlət qulluğuna işə qəbulla məşğul olan müvafiq qurumlar artıq qanunun tələbindən irəli gələn öhdəlikləri öz üzərlərinə götürərək  həmin müsabiqələrin də şəffaf keçirilməsini təmin etmək üçün normativ qərarmı, göstərişmi, əsasnaməmi qəbul edəcəklər. Ona görə hesab edirəm ki, qanun layihəsi bu günə qədər olan boşluqların və çatışmazlıqların aradan qaldırılmasına xidmət edir. Bu qanun layihəsi qəbul oluna bilər və həmkarlarımı buna səs verməyə çağırıram. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirəsiniz.

Səsvermənin nəticələri (saat 17.16 dəq.)
Lehinə 106
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  106
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ İcbari sığortalar haqqında qanun layihəsi barədədir. Birinci oxunuşdur. Buyurun, Ziyad Səmədzadə.
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri.
Hörmətli millət vəkilləri! Sizin müzakirənizə çox ciddi bir qanun layihəsi çatdırılır, çünki Azərbaycanda kifayət qədər bazar institutları yaradılmışdır. Azad bazar münasibətlərinin inkişaf etdiyi Azərbaycan dövlətində maliyyə sisteminin ən fəal strukturlarından  biri sığorta sistemidir. Müstəqillik əldə etdikdən sonra bizdə həm dövlət, həm də özəl sığorta şirkətləri fəaliyyətə başlamışdır. Açıq demək lazımdır ki, sığorta bazarında vəziyyət, onun inkişaf göstəriciləri respublikada aparılan iqtisadi islahatların tempindən xeyli geri qalır. Ölkəmizdə adambaşına düşən sığorta haqları cəmi 17 manat, yəni ümumi daxili məhsulun 0,4 faizini təşkil edir.
Son illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Milli Məclisə göndərilmiş bir neçə qanun layihəsi, heç şübhəsiz ki, sığorta bazarında fəallığın artırılmasına müsbət təsirini göstərəcəkdir. Amma bu gün tam məsuliyyətlə demək lazımdır ki, bizim inkişaf tempimiz, adambaşına düşən ümumi daxili məhsulun artımı, sosial-iqtisadi göstəricilərin yaxşılaşması dinamikası ilə sığorta göstəriciləri  arasında böyük bir uyğunsuzluq nəzərə çarpır. Bunları aradan qaldırmağa, başqa ölkələrə çatmağa vaxt lazımdır. Elə ölkələr var ki, onlarda ümumi daxili məhsulun tərkibində sığorta bazarının xüsusi çəkisi 8–10 faizdir. Bir çox ölkələrdə adambaşına sığorta haqları 4000–5000 ABŞ dolları arasında dövr edir. Əksər dünya ölkələrində sığorta sistemi investisiya faktoru kimi fəaliyyət göstərir. Geriliyi aradan qaldırmaq üçün biz nə etməliyik? Mən tam razılıq hissi ilə bildirmək istəyirəm ki, Milli Məclisin ötən çağırışdakı sessiyasında sığorta fəaliyyəti, istehsalatda bədbəxt hadisələrin icbari sığortası ilə əlaqədar dəyərli qanunlar qəbul etmişik. Maliyyə Nazirliyi bizim komitə ilə  məsələnin müzakirəsini çox ardıcıllıqla keçirəndə qanunlarla əlaqədar  çoxsaylı qaydalar müəyyən etmişdi. Həmin qaydalar nəticəsində artıq sığorta şirkətlərinin fəallığı hiss olunur.
Hazırda bütün bunlara baxmayaraq, bir sıra sığorta istiqamətləri var ki, onların inkişafı Azərbaycanda çox ağır və çətin vəziyyətdədir. Bu sahədə görülən tədbirlər, təbii ki, kifayət etmir. Qanunvericilik bazasının təkmilləşməsinə ehtiyac vardır. Cənab Prezident tərəfindən İcbari sığorta haqqında təqdim edilmiş qanun layihəsi də boşluqların aradan qaldırılmasına xidmət edəcəkdir.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Sənəd komitənin iclasında çox ətraflı, geniş müzakirə olundu. Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvləri Çingiz Əsədullayev, Vahid Əhmədov, Əli Məsimli, Cavid Qurbanov və digərləri sığorta bazarının təkmilləşməsi ilə əlaqədar  konkret təkliflər, fikirlər söylədilər.
Azərbaycandakı 27 sığorta şirkəti 2010-cu ildə  cəmi 150 milyon manat haqq toplayıb. Onun 53 milyonu müxtəlif ödənişlər vasitəsilə camaata qaytarılıb. Eyni zamanda, kapitallaşma səviyyəsi də çox aşağıdır. 27 şirkətdən 5-i yığılmış vəsaitlərin 40 faizini cəmləşdirir. Elə şirkətlər var ki, onların yığdıqları haqlar  100–300 manatdan artıq olmur.
Maliyyə Nazirliyi bu istiqamətdə konkret işlər görür, bir sıra sığorta şirkətlərinin lisenziyalarını ləğv edir, onları cərimələyir. Eyni zamanda, tələb olunur ki, yeni münasibətlərə uyğun sığorta fəaliyyəti artırılsın. Həyat sığortasının xüsusi çəkisi  cəmi 2 faiz təşkil edir. İcbari sığortanın ümumi sığorta haqlarında xüsusi çəkisi 20 faizdən yuxarı deyildir. Dünyanın əksər ölkələrində, hətta qonşu Qazaxıstan, Rusiya və Ukraynada bu istiqamətdə çox səmərəli işlər görülür. Bizdə də Maliyyə Nazirliyi, hökumət tərəfindən  bu işlər görülür, amma istehlakçılarımız içərisində təbliğat işləri son dərəcə zəifdir.  Bundan sonra qəbul edəcəyimiz  qanunların daha fəal işləməsi üçün  təbliğat güclənməlidir.
Maliyyə nazirinin müavini hörmətli Azər müəllim, sığorta nəzarəti idarəsinin rəhbəri məlumat verdilər ki, icbari sığorta növünü qısa zaman kəsiyində sürətlə inkişaf etdirə bilərik. Mən çox təəssüf edirəm ki, belə bir qanun layihəsinin müzakirəsi üçün bu gün çox az vaxt qalır. Sizin nəzərinizə çatdırmaq istəyirəm ki, qanun layihəsinin ümumi hissəsində sənədin mahiyyəti açılır, anlayışlar haqqında məlumat verilir, sığortalıların hüquq və vəzifələri müəyyən edilir, eyni zamanda, icbari sığortanın növləri ilə əlaqədar  müəyyən fikirlər irəli sürülür. İcbari sığorta qanunvericiliyində həmçinin hüquqi aktlar, icbari sığortanın məqsədi, təyinatı, sığorta ərazisi ilə bağlı müddəalar əksini tapıbdır. İcbari sığorta müqaviləsi, onun forması, bağlanması qaydaları, icbari sığorta şəhadətnaməsi barədə sənəddə maddələr göstərilir. Vacib məsələlərdən biri də odur ki, burada icbari sığorta ilə əlaqədar olaraq müəyyən edilmiş sənədlərdən də danışılır.
Millət vəkilləri haqlı olaraq qeyd etdilər ki, sığorta olunanlarla bağlı işlər sadələşdirilməlidir. Bizim nöqsanımız bütövlükdə  ondan ibarətdir ki, çoxları bu sığorta növləri haqqında kifayət qədər məlumata malik deyillər. Azərbaycan televiziyası, Azərbaycan mətbuatı, heç şübhəsiz ki, bu sahədə yaxın vaxtlarda müəyyən işlər görəcəkdir. Yenə  də deyirəm ki, adambaşına 17 manat hər şeyi deyir. Biz qısa zaman kəsiyində adambaşına düşən ümumi daxili məhsulu bir neçə dəfə artırmışıq, 6 min ABŞ dollarına yaxınlaşdırmışıq. Amma vaxt vardı bu rəqəm cəmi  min dollar təşkil edirdi. Sığorta bazarında bu göstəricinin yaxşılaşması üçün  icbari sığortanın inkişafına diqqət artırılmalıdır. Qanun layihəsində icbari sığortanın növləri, onların bağlanma qaydası, zərərçəkənlər, faydalanan şəxslər haqqında kifayət qədər məlumat verilir.
Hörmətli cənab Sədr,  komitəmiz Maliyyə Nazirliyinin sığorta nəzarəti idarəsinin iştirakı ilə bu qanun layihəsində qaldırılan məsələləri bölmə-bölmə müzakirə edəcəkdir. Biz bütövlükdə sığortanın əsas növləri üzrə göstəricilərimizi yaxşılaşdırmaqdan ötrü hər bir sığorta şirkəti ilə də görüşəcəyik. Həqiqətən, bizə böyük irad tuturlar ki, bu boyda respublikanın dinamik inkişafı fonunda sığorta bazarında yaranmış vəziyyət narazılıq doğurur. Əziyyət çəkənlər də var. Bəzi sığorta şirkətləri istehlakçıların  pullarını vaxtında ödəmirlər, onları get-gələ salırlar. Bürokratik əngəllər var. Sığorta nəzarəti idarəsi bu sahədə konkret faktları araşdırıb çoxlu cərimələr təyin edib. Bir sıra şirkətlərin fəaliyyəti dayandırılmışdır. Bu sahədə fəaliyyətimizi gücləndirməliyik. Qəbul ediləcək qanun layihəsi  Azərbaycanda sığorta qanunvericiliyinin ən yüksək səviyyədə formalaşmasında əhəmiyyətli rol oynayacaqdır. Keçən çağırışda sizinlə qəbul etdiyimiz qanunlar ölkəmizdə bu bazarın sürətli inkişafına kifayət qədər əsas yaradır.
Vaxtınızı çox almaq istəmirəm. Elə sığorta növləri var ki, onlardan nə yığım var, nə də ödəniş. Biz sivil cəmiyyət qururuq. Dünyanın bir çox ölkələrində yüzdən çox sığorta növü mövcuddur. Bizdə fəaliyyət göstərən sığorta şirkətləri 5-6 yığım növünü əhatə edir. Nəqliyyat,  yanğın,  təbii fəlakət, əmlakla əlaqədar normal şəkildə sığortalanmada problemlər yaşanır. Proseslərin qanunla tənzimlənməsinə ciddi ehtiyac duyulur. Mən millət vəkillərindən xahiş edərdim ki, qanun layihəsini birinci oxunuşda konseptual baxımdan qəbul edək və qısa zaman kəsiyində konkret işlər görək. Cənab  Prezident son çıxışında sığorta bazarı ilə əlaqədar bəzi məsələlərə toxundu. Kərpic evlər, əkin sahələri sığortalanmırdı. Bu gün gözəl binalar tikilir. Müasir texnologiyalara əsaslanan geniş və böyük yollar çəkilir. Avtomaşınlar gəlir. Bütün bunların ən cüzi miqdarda sığortalanmasını həyata keçirsək, sığortaçı ilə sığorta olunan arasında normal hüquqi münasibətlər yaratsaq, bizim sığorta bazarının göstəriciləri qat-qat yaxşılaşa bilər. Mən millət vəkillərindən qanun layihəsinə səs verməyi xahiş edirəm. Yəqin ki, çıxışlar olacaq. Vaxt az olsa da, bizim bir neçə millət vəkilimiz komitəyə müraciət edib və təkliflərini veribdir. Diqqətinizə görə təşəkkür edirəm.

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Sağ olun, Ziyad müəllim. Təşəkkür edirəm. Hörmətli deputatlar, nəzərinizə çatdırmaq istəyirəm ki, respublika maliyyə nazirinin müavini Azər Bayramov, nazirliyin Sığorta nəzarəti şöbəsinin müdiri Namiq Xəlilov və Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Azər Əliyev qanun layihəsinin müzakirəsində iştirak edirlər. Əgər suallarınız olsa, onlara da  müraciət edə bilərsiniz. Çıxışa yazılanlar çoxdur. Nəzərə alın ki, bu qanun layihəsi ikinci oxunuşda da geniş müzakirə olunacaq. Gəlin, çıxışlara 5 dəqiqə vaxt ayıraq. Reqlament 5 dəqiqə olsun. Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov, buyurun.
V.Ələsgərov. Çox sağ olun. Mən bəzi fikirlərimi cənab Səmədzadəyə demişəm, ancaq sizin də nəzərinizə  çatdırmaq istəyirəm. Bu qanunun  3.1-ci maddəsində yazılıb ki, icbari sığortalar fiziki və hüquqi şəxslərin əmlak mənafeləri ilə bağlı məruz qaldıqları zərərlərin əvəzinin ödənilməsini təmin etmək məqsədi ilə tətbiq edilir. Sığorta bazarının inkişafı, sığortaçıların qazancı üçün yox, fiziki və hüquqi şəxslərin əmlak mənafeləri ilə bağlı məruz qaldığı zərərlərin əvəzinin ödənilməsini təmin etmək məqsədi ilə tətbiq edilir. Əgər bu məqsədi nəzərə alsaq, qanun layihəsinə bir az başqa cür baxmaq lazımdır.
Qanun layihəsi konseptual baxımdan müzakirə olunduğuna görə qısa şəkildə bəzi məqamları diqqətinizə çatdırmaq istəyirəm. Maddə 18-ə fikir verin. “İcbari sığorta ödənişi aşağıdakı sənədlər əsasında həyata keçirilir: icbari sığorta şəhadətnaməsinin tarixi və nömrəsi; icbari sığortanın növü; sığortanın adı; sığorta olunanın adı”. İcbari sığorta haqqında əgər müqavilə, icbari sığorta şəhadətnaməsi varsa, bunların hamısı orada göstərilibsə, bunları təkrar eləməyə ehtiyac varmı? Bir də ki, icbari sığorta şəhadətnaməsi bu ərizə ilə, ya da tələb ilə bir yerdə geri qaytarılır, təqdim olunur. Yenidən bu qədər kağız, bu qədər yazı-pozu nəyə lazımdır?
Ya da 18.1.2-ci maddədə göstərilib ki, sığorta şəhadətnaməsinin əsli. Bunlar hamısı orada yazılıbdır. 18.1.3-cü maddədə yazılıb ki, sığorta şəhadətnaməsində göstərilən əmlakla bağlı mülkiyyət hüququnu, eyni zamanda, ondan istifadə və ya ona sərəncam hüququnu təsdiqləyən sənədin notariat qaydasında təsdiqlənmiş surəti. Bunlar olmadan icbari sığorta müqaviləsi bağlana bilər? Yox. İcbari sığorta şəhadətnaməsi verilə bilər? Yox. Əgər mənim əmlakım yoxdursa, bunu təsdiq eləyən hüquqi sənəd yoxdursa, bu sənədlər imzalana, hazırlana bilməz.
Təkrar hadisə baş verib. Mən müraciət eləyib icbari sığorta şəhadətnaməsində göstərilən əməliyyatları təkrar eləməliyəm? Yenə də notariat qaydasında surətini təsdiq eləyən sənədi təqdim eləməliyəm? Bunları sadələşdirmək olmazmı ki, vətəndaşlar, hüquqi şəxslər daha asan yolla öz haqqını, ya da zərərini ödəyə bilsinlər? Elə etmək olmazmı ki, bunlar həvəsli şəkildə gedib müqavilə bağlasın, şəhadətnamə alsınlar və sığorta bazarının iştirakçısı olsunlar?
Bundan başqa, qanun layihəsinin 8.2-ci maddəsində yazılıb ki, bu qanunun xüsusi hissəsində başqa cür müəyyən edilməmişdirsə, icbari sığorta müqaviləsi 1 il müddətinə bağlanılır. Yəni bir il müddəti keçdisə, yenidən bütün sənədləri hazırla. Əgər bu sığorta müqaviləsinin, şəhadətnaməsinin predmetində bir şey dəyişməyibsə, hər il yenidən bu kağızlara, bürokratiyaya, get-gələ nə ehtiyac var? Niyə bu avtomatik olaraq davam edə bilməz? Heç bir şey dəyişilməyib, hər şey yerində qalıbdır. Özü də burada hər tikiliyə, hər qurğuya ayrıca tələb olunur. Olmaz ki, bu davam eləsin? Əgər bu tikiliyə əlavə bir şey yapışdırılıbsa, bəli, yapışdırılana əlavə sənəd lazımdır. Əgər hər şey yerində qalıbsa, heç bir şey dəyişilməyibsə, hər il yeni şəhadətnamənin verilməsinə ehtiyac varmı?  Nəyə lazımdır bunlar? 8.4-cü maddədə yazılıb: “bu qanunun xüsusi hissəsində qeyd olunmuş hər hansı icbari sığorta növü üzrə sığorta təminatının könüllü sığorta müqaviləsində tam və ya qismən nəzərdə tutulması sığortalını müvafiq icbari sığorta müqaviləsini bağlamaq vəzifəsindən azad etmir”. Bu nə deməkdir? Bu qanunun məqsədi hamımızı sivil sığorta bazarının iştirakçısı etməkdir. Sabah ev yıxıldı, düşəcəklər dövlətin üstünə ki, mən də bu məsələni qaldırım,  evim dağıldı, harada qalım? Sığorta elə, əvəzini al. Yeni ev tik. Mən bunu könüllü şəkildə edirəmsə, ikinci dəfə gedib icbari sığorta müqaviləsi imzalamalıyam? Bu yazılanlar bunu deyir, yoxsa başqa cürdür? Yoxsa bu başqa dildə yazılıb, başqa dildən tərcümə olunub? Bu nə deməkdir?
“Sığortalının sığorta marağı olduğu bir neçə əmlakla...” Bir ərazidə yerləşən binadısa, binanın içində cihaz da ola bilər, qurğu da. Bunların hamısı bir yerdə əmlakdır. Hər bir əmlak növünə ayrıca bir sığorta müqaviləsi bağlanacaq?
Bu məsələlərə aydınlıq gətirmək lazımdır. Məqsəd bayaq oxuduğum kimi, fiziki və hüquqi şəxslərin əmlak mənafeləri ilə bağlı məruz qaldıqları zərərlərin əvəzinin ödənilməsini təmin etməkdir. Əsas məqsəd bu olmalıdır. Buna görə də konseptual şəkildə bu qanun layihəsi tətbiq olunmalıdır. Gətirdiyim misallar qısa şəkildədir. Lazım olsa, ikinci oxunuşda daha dəqiq, daha geniş izahatlar verə bilərəm. Çox sağ olun. Niyə hamısını bu cür danışıram? Çünki üzr istəyirəm, bu məsələlərlə çox uzun müddətdir bir yerdə məşğul oluruq. Məni narahat eləyən məsələlər olduğuna görə bir az emosional çıxış etdim. Sağ olun.
Sədrlik edən. Sağ olun, Valeh müəllim. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox sağ olun, Ziyafət müəllim. Qanun layihəsi konseptual baxımdan qəbul oluna bilər, lazımlı bir qanundur. Mən də buna səs verəcəyəm. İkinci oxunuşda da konkret fəsillər üzrə öz təkliflərimi bildirəcəyəm.
Ziyafət müəllim, mən bizim Daxili Nizamnamənin 11-ci maddəsini xatırlatmaq istəyirəm. Daxili Nizamnamənin 11-ci maddəsində qeyd olunur ki, təkrar çıxışlar üçün millət vəkillərinə 5 dəqiqə, arayışlar və digər təkliflər üçün isə 3 dəqiqə vaxt ayrılır. Ümumi çıxış üçün 10 dəqiqə müəyyənləşdirilib. Burada Sizdən  qanunsuz  başqa nə isə tələb eləmirəm ki, buna etiraz oluna. Mən...
Sədrlik edən. Qüdrət müəllim, üzr istəyirəm, Siz bu məsələni ikinci dəfədir təkrar edirsiniz. Xatırlatmaya görə təşəkkür edirəm. Ziyafət müəllim  Nizamnaməni çox gözəl bilir. Bayaq da dedim, biz kollegial orqanıq. Hörmətli həmkarım  təklif elədi, mən də razılaşdım. Yəni bu Milli Məclis Daxili Nizamnamədə nəzərdə tutulduğu kimi, protokol qaydasında istənilən çıxış vaxtını artıra da bilər, azalda da. Bu vahid qaydada deyil, sizin razılığınızla qəbul olundu. Biz qərar qəbul eləmişiksə, Qüdrət müəllim, xahiş edirəm, hörmət eləyin. Bu məsələ bitdi. Davam edin.
Q.Həsənquliyev. Mən bu 5 dəqiqə vaxta hörmət edəcəyəm. Mənə təkrar çıxış verilməməsinə öz etirazımı bildirirəm.  Bundan öncəki məsələdə mən təkrar çıxış üçün söz istədim, amma bu mənə verilmədi. Mən, sadəcə, bunun səbəbini bilmək istəyirəm. Biz, burada oturanlar özümüz-özümüzə hörmət eləməsək, kimsə bizə hörmət eləməyəcək. Ziyafət müəllim, mən Zahid Oruca etiraz eləmək istəyirdim. 
Sədrlik edən. Mahiyyəti üzrə, ay qardaş. Qurtardı da.
Q.Həsənquliyev. Niyə qulaq asmaq istəmirsiniz? Zahid Oruc burada Sizi də təhqir elədi. Hamını təhqir elədi ki, biz istəyirik, bizim xahişimiz keçsin. Niyə kimsə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına müraciət eləmir ki, mənim oğlumu, qızımı  test imtahanından keçir? Bilirlər ki, orada hər şey şəffafdır və Məleykə Abbaszadə də bunu eləməyəcək. Söhbət bundan gedir. Deputat nə vaxt xahiş edir? Bilir ki, artıq həmin vəzifəli şəxs öz istəyindən asılı olaraq necə istəyirsə, o cür hərəkət eləyir. Onda sən də xahiş edirsən ki, kiminsə haqqını tapdalama. Ona görə biz xahiş edirik. Buna etiraz eləmək istəyirdim, elə qaydalar müəyyənləşdirin ki, xahişə ehtiyac qalmasın. Sağ olun, imkan yaratdınız, bunu dedim. Bu qanuna ehtiyac var və burada birinci oxunuşda konkret maddələr üzrə müzakirə açmamalıyıq. Hesab edirəm ki, birinci oxunuşda bunu konseptual baxımdan qəbul edə bilərik. Layihəyə səs verəcəyəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Elton Məmmədov.
E.Məmmədov. Təşəkkür edirəm. Hörmətli millət vəkilləri, hörmətli qonaqlar! Müzakirə olunan qanun layihəsi ilə bağlı qeyd etmək istəyirəm ki, ölkəmizdə bütün sahələrdə olduğu kimi iqtisadi və maliyyə sahəsində də qanunvericilik bazası təkmilləşdirilərək müasir Avropa standartlarına uyğunlaşdırılır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisin müzakirəsinə təqdim etdiyi İcbari sığortalar haqqında Azərbaycan Respublikası qanununun layihəsi bu baxımdan qəbul edilməsi zəruri olan vacib sənəddir.
Bu gün Azərbaycanda sığorta məsələlərini tənzimləyən “Sığorta fəaliyyəti haqqında” Qanun, Mülki Məcəllə, “İcbari ekoloji sığorta haqqında”, “Sərnişinlərin icbari sığortası haqqında”, “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında”, “Yanğından icbari sığorta haqqında” qanunlar və bunlara uyğun qəbul olunmuş çoxsaylı normativ hüquqi aktlar qüvvədədir. Təklif olunan qanun layihəsində qeyd etdiyim son 4 qanunun əhatə etdiyi sahələr birləşdirilir və mükəmməl bir qanunun qəbul olunması nəzərdə tutulur.
Bu qanun bütövlükdə ölkədə icbari sığortaların həyata keçirilməsinin ümumi əsaslarını, ayrı-ayrı icbari sığorta növlərinin aparılması qaydalarını və şərtlərini müəyyən etməklə icbari sığorta sahəsində yaranan münasibətləri tənzimləyəcəkdir. Qanun layihəsində nəzərdə tutulan icbari sığortalar fiziki və hüquqi şəxslərin əmlak mənafeləri ilə bağlı məruz qaldıqları zərərlərin əvəzinin ödənilməsini təmin etmək məqsədi daşıyır. Sənəd baxılan sahə ilə bağlı hüququn əsas məqamlarını əhatə etməklə konseptual baxımdan birinci oxunuşun tələblərinə tam cavab verir.
Qanun layihəsində sığortaçı və sığortalı, sığorta olunan, faydalanan və zərər çəkən, habelə 3-cü şəxs məfhumları aydın şəkildə verilmişdir. Onlarla bağlı hüquqi məsələlər tam şəkildə açılmışdır. İcbari sığorta müqaviləsi, sığorta şəhadətnaməsi, sığorta məbləği, sığorta haqqı, sığorta hadisəsi kimi müddəalar ətraflı və aydın şəkildə yazılmışdır. Qanun layihəsində sağlamlığa və əmlaka dəyən zərər, bu zərərlərin müəyyənləşdirilməsi kimi hüquqi münasibətlər sığorta qanunvericiliyinin əsas tələblərinə cavab verən şəkildə tərtib olunmuşdur. Müzakirə olunan qanunvericilik aktında çox vacib və gələcəkdə anlaşılmazlıqlar yaranmaması üçün sığorta ödənişlərinin verilməsi məqsədi ilə lazım olan sənədlərin təsnifatı, onlara qoyulan tələblər konkret  maddələrdə mükəmməl şəkildə öz əksini tapmışdır. Qanunvericilik sahəsinin mühüm məqamlarından biri daşınmaz əmlakın icbari sığortası məsələsidir. Bu sahədə hüquqi tənzimləmə qanun layihəsinin 28-34-cü maddələrində ətraflı verilmişdir.
Amma onu da qeyd etməliyəm ki, ikinci oxunuşa qədər qanun layihəsinin bir çox müddəalarında dəqiqləşdirmələrə və düzəlişlərə ehtiyac var. Xüsusilə maddələrin çoxunda redaktə xarakterli dəyişikliklər edilməlidir. Qanunun mətnindəki bir çox müddəaları və ayrı-ayrı anlayışları  qüvvədə olan “Sığorta fəaliyyəti haqqında” Qanunun və Mülki Məcəllənin sığorta ilə bağlı maddələrinin məzmununa uyğunlaşdırmalıyıq. Hörmətli Ziyafət müəllim, bir daha  qeyd etmək istəyirəm ki, qanun layihəsi konseptual baxımdan birinci oxunuşun tələblərinə cavab verir və onun birinci oxunuşda qəbul olunmasını təklif edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Əli Məsimli.
Ə.Məsimli. Çox sağ olun, hörmətli sədarət. Müzakirə olunan qanun layihəsi 4 sığorta sahəsini əhatə edir. Əgər diqqət etsək, mübaliğəyə yol vermədən demək olar ki, Azərbaycanda yaşayan 9 milyondan artıq əhalinin hamısının maraq və mənafelərini ifadə edir. Qanun layihəsinin üzərində  kifayət qədər  işləyiblər. Amma bir daha təkrarlayıram ki, bu qanun layihəsi 9 milyondan artıq adamın maraqlarını ifadə etdiyinə görə hamı tərəfindən başa düşülən, sadə və aydın dildə yazılmalıdır. Ona görə də birinci təklifim ondan ibarətdir ki, qanun layihəsi ikinci oxunuşa çıxarılana qədər ağır söz yükü olan məqamlardan tamamilə azad edilməli və hamının başa düşəcəyi bir dilə gətirilməlidir.
İkinci təklif də vardır. Aydın məsələdir ki, birinci oxunuş konseptual xarakterlidir, çatmayanlar da təkliflərini verər. Mən vaxt almaq istəmirəm. Elə məsələlər var ki, bir maddədə vermək olar. Məsələn, 5, 6 və 7-ci maddələri bir yerdə vermək olar. 10 və 11-ci maddələri bir yerdə vermək olar.
Qanun layihəsini əlavə söz yükündən azad edib hamının başa düşdüyü bir vəziyyətə gətirmək olar.  Diqqətlə oxuyan adam çox aydın şəkildə görür ki, burada əsas diqqət sığorta şirkətlərinə əlavə vəsaitin toplanmasına yönəldilmişdir. Əgər bu qanunun işləməsini istəyiriksə, burada maraqların balansı olmalıdır. Burada bilavasitə qanun layihəsinin konsepsiyasının əsasını təşkil edən sığorta şirkətləri üçün əlavə vəsaitin toplanmasından  maraqların  harmoniyasına keçməliyik. Əks halda bu qanun işləməyəcək.
Beynəlxalq praktikadan məlumdur ki, sığorta bazarını bir neçə amil inkişaf etdirə bilər. Birinci, əhalinin əlində kifayət qədər, yetərincə pul vəsaiti olmalıdır. İkinci amil sığorta şirkətlərinin davranışı, daha doğrusu, onların dürüstlüyüdür. Üçüncü isə əhalinin sığorta şirkətlərinə inamıdır. Azərbaycanda bunların üçündə də problem var. Bu qanunun məhz işləməsi üçün problem vardır. Daşınmaz əmlakın uçotunda, burada Valeh müəllim dedi, bu qədər sənəd nəyə lazımdır? Digər tərəfdən də bu işdə kifayət qədər səriştəli adamlar  iştirak etməlidir.
İkinci, faiz dərəcələri başqa  qanunlarda göstərilir. Məsələn, orta hesabla   50 minlik daşınmaz əmlakımı sığorta edirəmsə, 0,1 stavka ilə götürüləcəksə, mən 50 manat verə bilərəm. Əgər şəxsin 500 minlik əmlakı varsa, 1 faiz stavka ilə götürülürsə, 5 min manat ödənməlidir. Orta statistik azərbaycanlının orta illik gəliri 2800 manatdır. Yerdə qalan 2300 manatı haradan alacaq? Belə suallar var. Ona görə də aydınlıq gətirilməlidir ki,  sığorta faizləri hansı dərəcədədir? Buna Azərbaycan vətəndaşının gücü çatacaq, ya yox?
Digər tərəfdən, Azərbaycanda əmlakın xeyli hissəsi  uçotda deyil,  qanunsuz bir şəkildədir. Bunların taleyi necə olacaq? Bunlar bir yana qalsın. Yeni tikililərin bir hissəsində sənədləşmə hələ lazımi səviyyədə aparılmayıb. Bunların uçotu nə formada aparılacaq və burada konfliktlər olmayacaqmı?
Nəhayət, diqqət çəkən məqamlardan biri ondan ibarətdir ki, sığorta şirkəti ilə müqavilə 100 minlik əmlak haqqında bağlanıbsa və 40 min verilməlidirsə, bu haqda mübahisə yaranacaq. Ona görə də sığorta edilən əmlaka dəyən ziyanın hansı faizlə ödənilməsi məsələsi aydın şəkildə, heç olmasa, konseptual baxımdan bu sənəddə öz əksini tapmalıdır ki, sonradan digər məsələlərdə problem yaranmasın.
Nəhayət, bu qanun layihəsi Mülki Məcəllə, sığorta haqqında digər qanunlarla ayrı-ayrı məqamlarda ziddiyyət təşkil edirmi? Bu suala birdəfəlik son qoymaqdan ötrü qanun layihəsi, qanun layihəsinə şərh və bu qanun  qəbul olunandan sonra hansı qanunlara  əlavə və dəyişiklikləri özündə əks etdirən sənədlər Milli Məclisə zərf  şəklində verilsə, belə suallar ortaya çıxmaz. Axırıncı, qeyd etmək istəyirəm ki, bu qanun vacibdir və bunu qəbul etmək lazımdır. Amma burada deyilən bütün iradların, təkliflərin mütləq  nəzərə alınıb, ikinci oxunuşa çox mükəmməl bir variantın çıxarılmasını arzu edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun, Əli müəllim. Bundan sonra çıxış edəcək hörmətli həmkarlarım, sizdən xahiş edirəm, qanun layihəsinin mahiyyəti və əsas prinsipləri ilə bağlı danışın. Maddələrlə bağlı təklifləriniz olsa, ikinci oxunuşda Ziyad müəllimə verərsiniz. Buyurun, Elmira xanım Axundova.
E.Axundova. Çox sağ olun. İcbari sığortalar haqqında Azərbaycan Respublikası qanun layihəsinin araşdırılması zamanı layihənin ətraflı və yüksək səviyyədə hazırlandığının şahidi olmaq mümkündür. Layihənin ümumi və xüsusi hissələrində icbari sığorta sahəsinə dair bir çox müddəalar geniş şəkildə təsbit edilmiş və icbari sığorta növlərinin aparılması qaydaları və şərtləri dolğun müəyyən olunmuşdur. 
Qanun layihəsinin xüsusi hissəsində icbari sığortanın aid edildiyi sahələr, belə demək mümkündürsə, icbari sığortanın növləri göstərilir. Bunlar daşınmaz əmlakın icbari sığortası, nəqliyyat vasitəsi sahiblərinin mülki  məsuliyyətinin icbari sığortası, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası və nəhayət, sərnişinlərin icbari fərdi qəza sığortası növləridir. Hesab edirəm ki, xüsusi hissədə qeyd edilən icbari sığortanın bu növləri ümumi hissədə də ayrıca maddə kimi icbari sığortanın predmeti və əsas anlayışı kimi göstərilməlidir. Qəbul etdiyimiz qanunların əksəriyyətində, bir qayda olaraq, ilk maddələrdə qanunun tənzimlədiyi münasibətlərin dairəsi göstərilir. Burada isə həmin qaydaya riayət olunmayıb.
Layihənin 45-ci maddəsində icbari sığorta bürosunun yaradılması nəzərdə tutulmuşdur. 50-ci maddədə isə üçüncü şəxsə dəyən zərərə görə kompensasiyanın  büro tərəfindən ödənilməsi haqqında müddəa vardır. Fikrimcə, bu müddəalar zərər dəyən şəxsə kompensasiyanın vaxtında və tam həcmdə ödənilməsini təmin etmək baxımından çox dəyərli müddəalardır.
Bir sıra məsələləri də diqqətinizə çatdırmaq istərdim. Qanun layihəsinin 4-cü maddəsində qeyd olunur: “Bu Qanunun Xüsusi hissəsində digər hal nəzərdə tutulmamışdırsa, icbari sığorta müqavilələri üzrə sığorta təminatı Azərbaycan Respublikası ərazisində qüvvədədir”. Layihəyə nəzar salsaq görərik ki, xüsusi hissədə elə bir xüsusi hal nəzərdə tutulmayıb. Belə olan halda hörmətli Ziyad müəllimdən  soruşuram ki, mülki məsuliyyətini sığorta etdirən nəqliyyat vasitəsi sahibləri ölkə xaricində sığorta hadisəsi törətdikdə, ya da icbari fərdi qəza sığortası etdirmiş sərnişinlərə qarşı sığorta hadisəsi Azərbaycan Respublikası ərazilərindən kənarda baş verdikdə ortaya çıxan münasibətlər necə tənzimlənəcək? Bu vacib sualdır. Xahiş edirəm, bu suala aydınlıq gətirəsiniz. Bir sıra maddələrlə bağlı redaktə xarakterli təkliflərim var, onları da ikinci oxunuşda təqdim edəcəyəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Vahid Əhmədov.
V.Əhmədov. Çox sağ olun. Hörmətli  Ziyafət müəllim, hörmətli millət vəkilləri! İcbari sığorta haqqında qanun layihəsi çox ciddi bir sənəddir. Bayaq Valeh müəllim çıxışında bu qanun layihəsi ilə bağlı bir sıra iradlarını bildirdi. Komitənin iclasında çox ciddi müzakirələr aparıldı. Bu iradların hamısını demişik. Bu qanun layihəsi Milli Məclisin iclasına birinci oxunuşda çıxarılıb. Qanun layihəsi üzərində çox ciddi iş aparılmalıdır. Qanun layihəsinin dili çox çətindir. Biz, iqtisadçılar bu qanun layihəsini çox çətinliklə  başa düşürük. Ona görə də mən düşünürəm ki, qanun layihəsini birinci oxunuşda  qəbul edib  üzərində ciddi işləməliyik.
Məni narahat edən başqa məsələdir. 2007-ci ildə biz sığorta fəaliyyəti haqqında qanun qəbul etdik, bundan üç il keçib, amma sığorta bazarında biz heç bir nailiyyətə nail ola bilməmişik. Sığorta bazarının  ümumi  maliyyə bazarındakı hissələri, bayaq burada qeyd olundu, çox aşağıdır. Dünya ölkələrindən 16 dəfə, istər onun ümumi daxili məhsulda payı, istərsə də adambaşına düşən sığorta haqqı çox aşağıdır. Bizi düşündürən əsas məsələ odur ki, qəbul etdiyimiz qanunlar sığorta bazarında işləmir. Bunun səbəbi nədir və kim zəmanət verir ki, biz icbari sığorta haqqında qanun qəbul edəndən sonra sabah bu qanun sığorta bazarında işləyəcək? Mən komitənin iclasında da qeyd etmişəm, burada da deyirəm. Bu, iki tərəf arasında münasibətləri tənzimləyən bir qanun olacaqdır. Sığortaçı ilə sığorta olunan tərəf  arasında ümumi razılıq olmadan bu qanun fəaliyyət göstərə bilməz. Biz orta məxrəc tapmalıyıq. Elə bir məxrəc tapmalıyıq ki, hər iki tərəf bir-biri ilə dil tapa bilsin. Sığorta olunan tərəf dəymiş ziyanı qarşılayan məbləği almaq üçün çox böyük əziyyətlər çəkir. Amma sığortaçı bunu vermək istəmir, müəyyən dəlillər gətirir və sair.
Əlbəttə, qanunun konsepsiyası düzgün qoyulub. Burada 4 min sığorta növü nəzərdə tutulur. Azərbaycanda cəmi 9 növ sığorta növü var, bunun da cəmi beşi işləyir. Bunlar haqqında da demək olmaz ki, tamamilə işləyir. Qanunların icra mexanizmini araşdırıb üzə çıxarmalıyıq ki, niyə bu qanunlar, ümumiyyətlə, işləmir, niyə insanlar sığortaya meyil göstərmirlər? Kütləvi informasiya vasitələri, televiziya vasitəsilə biz sığorta ilə əlaqədar insanlara lazımi məlumatı çatdıra bilmirik ki, onlar öz əmlaklarını, maşınlarını və sair sığorta eləsinlər. Əsas məsələ bundan ibarətdir. Yəni əhalinin inamını artırmaq lazımdır ki, əhali buna getsin. Sığorta məsələsini aydınlaşdırmaq lazımdır.
Düzdür, son vaxtlar cürbəcür sığorta şirkətləri yaranır. Həm xarici kapitaldan payı olan, həm də daxili kapitaldan payı olan şirkətlər var, amma bazarda maliyyə dəstəyinə normal səviyyədə nail ola bilməmişik. Bayaq da qeyd etdim, qanun layihəsinin dili çox qəlizdir. Bu qanun layihəsi təxminən iki dəfə qısaldılmalıdır. Qanun elə olmalıdır ki, sığorta edən adam  qanunu əlinə alanda qanunu başa düşsün. Amma bu qanun layihəsini oxumaq həddən artıq çətindir.
Əsas, ümdə məsələlərdən biri qiymətləndirmə məsələsidir. Biz komitədə də dedik. Qiymətləndirmə məsələsinin bu qanunda düzgün yerini tapa bilməsək, qanun heç vaxt işləməyəcək. İstənilən dəyən zərərin məbləğinin ödənilməsi üçün qiymət məsələsini həll etməliyik. Qanun layihəsində qiymət məsələsini həll etmək səlahiyyəti, faktik olaraq, həm sığorta şirkətinə, həm də lazım olanda, xüsusi ekspertlərə verilir və sair. Sığorta şirkətləri həmişə istəyəcəklər ki, qiymət aşağı olsun, yəni aşağı məbləğ ödəsinlər. Ona görə də bu məsələdə çox ciddi olmaq lazımdır. Mən hesab edirəm ki, Ziyafət müəllim,  qanun layihəsinin üzərində çox ciddi işləmək lazımdır. Birinci oxunuş olduğu üçün konsepsiyasını biz qəbul edirik. Amma tövsiyə edirik ki, komitə ilə bir yerdə Maliyyə Nazirliyi və sığorta şirkətləri bu qanun layihəsi üzərində işləsinlər. Kim istəyir təkliflərini verə bilər, elə bir problem yoxdur. Sağ olun.
Sədrlik edən. Tahir Süleymanov.
T.Süleymanov. Çox sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri! İcbari sığortalar haqqında qanun vətəndaşların hüquq və mülkiyyətinin qorunması, fiziki və hüquqi şəxslərin əmlak münasibətləri ilə bağlı məruz qaldığı zərərlərin əvəzinin ödənilməsini təmin etmək baxımından olduqca vacib qanunlardan biridir. Müzakirəyə çıxarılan layihə peşəkarcasına hazırlanmışdır, günün tələblərinə tam cavab verir və bu sahədə bu gün hiss edilən hüquqi boşluqların aradan qaldırılmasına xidmət edə bilər.
Bu qanun layihəsində sayından asılı olmayaraq daşınmaz əmlakın icbari qaydada sığortalanması nəzərdə tutulmuşdur ki, bu da onun bütün aktual risklərdən sığortalanmasını təmin edərək ölkəmizdə müxtəlif mənşəli qəzalar zamanı ev-eşiyindən məhrum olan insanların sosial müdafiəsi və onların düşdükləri acınacaqlı və bir çox hallarda çıxılmaz durumun bir qədər yüngülləşdirilməsinə xidmət edəcəkdir.
Digər tərəfdən, dünyanın aparıcı, qabaqcıl ölkələrinin təcrübəsinə əsaslanaraq deyə bilərik ki, Azərbaycanda daşınmaz əmlakın sığortası lazımlı və vacib məsələdir. Çünki sivil bazar qurmaq üçün inzibati, icbari sığorta vacib şərtlərdəndir. Eyni zamanda, bu, ölkəmizdə sığorta bazarının inkişafına təkan verəcək, bazarda mövcud olan risklərin azalmasına xidmət göstərəcək, vətəndaşların ehtiyatlandığı risklərdən qorunması etibarlı şəkildə həyata keçiriləcəkdir.
Bununla belə, müzakirə etdiyimiz layihə ilə əlaqədar bir sıra məqamlara toxunmaq və təkliflərimi səsləndirmək istərdim. Bu qanun qüvvəyə mindiyi zaman sığorta məbləğinin birdəfəlik və ya mərhələlərlə ödənilməsi barədə düşünmək lazımdır. Məsələn, ilkin dövrlərdə əhalinin ödəmə qabiliyyəti həddən artıq aşağı səviyyədə olan yaşayış massivlərində sığortanın ilkin ödənişini dövlət öz üzərinə götürə bilər.
Bildiyiniz kimi, praktikada tez-tez rast gəlinən problemlərdən biri də daşınmaz əmlakın sığortaya cəlb edilməsi zamanı onun qiymətləndirilməsi ilə bağlıdır. Çünki bəzi qurumlar qiymətləndirməni özlərinə sərfəli şəkildə həyata keçirir və bu prosesdə özlərinə sərfəli üsullardan istifadə edirlər. Ona görə də əmlakın qiymətləndirilməsi zamanı peşəkar və müstəqil qiymətləndirmə şirkətlərinin xidmətlərindən bəhrələnmək vacibdir.
Təqdim olunan layihənin “Sağlamlığa dəyən zərər” adlanan 15-ci maddəsində əlillik qrupu təyin olunmadan ağır xəsarət almış şəxslərə 30 faiz miqdarında sığorta haqqının ödənilməsi nəzərdə tutulmuşdur. Fikrimcə, qarşıdakı müzakirələrin gedişində əgər məqbul hesab edilərsə, bu məbləğin, heç olmasa, III qrup əlil olmuş şəxslər üçün nəzərdə tutulmuş 40 faizə çatdırılması daha ədalətli olardı.
Layihənin “Sərnişinlərin icbari fərdi qəza sığortası üzrə sığorta məbləğləri” adlanan 66-cı maddəsində nəqliyyat vasitələrində olan hər bir sərnişinə görə sığorta məbləği 5000 manat miqdarında müəyyənləşdirilir. Amma nəzərə alınmalıdır ki, qəzaya uğramış nəqliyyat vasitəsində zərərçəkmiş sərnişinlərin aldığı xəsarət bu məbləğdən bəlkə də on dəfələrlə çox ola bilər. Gələcəkdə bu məbləğin müəyyənləşdirilməsində bu amilin nəzərə alınmasını xahiş edirəm.
Hesab edirəm ki, bu qanun layihəsi olduqca aktualdır, səmərəlidir. Mən bütün deputat həmkarlarımı bu qanun layihəsinin lehinə səs verməyə çağırıram. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Tahir müəllim, dəyərli təkliflərinizə görə çox sağ olun. Güman edirəm ki, Ziyad müəllim bunları nəzərə alacaq. İlham Əliyev, buyurun.
İ.Əliyev. Hörmətli həmkarlarımız, əlbəttə ki, saat 6 olduğunu, vaxtın bitdiyini nəzərə alaraq, mən geniş danışmayacağam. Hesab edirəm ki, bunu ikinci oxunuşa da saxlamaq olar. Ümumiyyətlə, bu qanun bilavasitə xalqa, millətə yönəldiyinə görə bunu gərək elə bir dildə yazaq ki, hamı başa düşsün. Amma mən hesab edirəm ki, bu gün bu qanunu başa düşmək üçün gərək mütəxəssis olasan. Mən özüm də bunu başa düşməkdə çox çətinlik çəkmişəm. Müəyyən maddələri dəfələrlə oxumuşam ki, orada söhbətin nədən getdiyini anlayım. Ona görə icazə versəydiniz, bütün deyilən o iradlara mən də qoşulardım. Böyük bir iradlar siyahısı hazırlamışdım, ikinci oxunuşda fikirlərimi geniş, ətraflı sizə çatdıraram. Təşəkkür edirəm.
Sədrlik edən. Mən üzr istəyirəm, Leyla xanım danışmaq istəyir. Xanımdır, ona da söz verək. Buyurun, Leyla Abdullayeva.
L.Abdullayeva. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli həmkarlar, müzakirəmizə təqdim edilən İcbari sığortalar haqqında qanuna böyük ehtiyac olduğuna, müvafiq münasibətlərin hüquqi tənzimlənməsində onun xüsusi rol oynayacağına şübhəmiz yoxdur. Artıq qəbul edilmiş və qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsindən və “Sığorta fəaliyyəti haqqında” Qanundan sonra bu tip yeni qanunun qəbul edilməsi, şübhəsiz ki, təqdirəlayiq haldır. Bu bir tərəfdən həm də ölkədə gedən iqtisadi inkişafın göstəricisidir. Artıq yeni-yeni institutlar, iqtisadi fəaliyyət növləri meydana gəlir, mövcud olan münasibətlərin daha effektiv tənzimlənməsi üçün qanunvericilik sistemi yenilənir və təkmilləşir. Bu baxımdan sığorta fəaliyyəti ilə bağlı yeni qanunun qəbul edilməsi çox müsbət qiymətləndirilməlidir.
Qanun layihəsi yüksək səviyyədə hazırlanmışdır. Bununla yanaşı, mənim də qeyd etmək istədiyim müəyyən nüanslar vardır. Mən qısaca olaraq onu qeyd etmək istəyirəm ki, qanunun 17-ci maddəsi zərərin müəyyənləşdirilməsi üçün tərəflərin, yəni sığortaçı və sığortalının müstəqil ekspertin xidmətlərinə müraciət etmək imkanını nəzərdə tutur. Lakin qanunda ekspertin xidmətlərinin əvəzinin kim tərəfindən ödənilməsi göstərilmir. Təcrübədə isə ekspertin rəyi tərəflərdən yalnız birinin haqlı olduğunu müəyyənləşdirə bilər. Bu halda yaxşı olardı ki, ekspert xidmətlərinin ödənilməsi qarşı tərəfin üzərinə qoyulsun və bu, birbaşa qanunda öz əksini tapsın.
Növbəti təklifim 29-cu maddənin üçüncü bəndi ilə bağlıdır. 29-cu maddənin üçüncü bəndi müəyyən edir ki, maraqlı şəxslərin qəsdən törətdiyi hərəkətlər sığorta hadisəsi sayılmır və nəticədə sığorta ödənişləri ödənilmir. Fikrimcə, bu müddəa tam yerinə düşür və sığorta ödənişlərinin əldə edilməsi üçün sui-istifadə hallarının qarşısının alınmasına səbəb olacaqdır.
Eyni zamanda, ehtiyatsızlıqla törədilmiş hərəkətlərin nəticəsinin sığorta hadisəsi sayılıb-sayılmaması da qanunda birbaşa göstərilsəydi, çox yaxşı olardı.
Mənim bu qanun layihəsi ilə bağlı yenə təkliflərim olacaq. Amma vaxtın azlığını nəzərə alaraq yalnız onu deməklə kifayətlənəcəyəm ki, ümumilikdə qanun layihəsi çox böyük əhəmiyyətə malikdir və yüksək səviyyədə hazırlanmışdır. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Leyla xanım. Həqiqətən, çox ciddi qanun layihəsidir. Amma dili bir az qəlizdir. Mən bunu qeyd edən həmkarlarımızla tamamilə razıyam. Xahiş edirəm, layihə ikinci oxunuşa qədər yaxşı müzakirə olunsun, təkliflər komitənin sədri Ziyad müəllimə təqdim olunsun. Bu gün çıxış edə bilməyənlər inşallah ikinci oxunuşda çıxış edərlər. Buyurun, xahiş edirəm, birinci oxunuşda qanun layihəsinə konseptual baxımdan münasibətimizi bildirək.

Səsvermənin nəticələri (saat 18.04 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  104
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun, təşəkkür edirəm. Növbəti iclasa qədər.

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi