2010-ci il 8 oktyabr tarixli iclasın stenoqramı

ÜÇÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
XVI  SESSİYASI  İCLASININ

PROTOKOLU  №  148

Milli  Məclisin iclas  salonu.
8  oktyabr  2010-cu  il.  Saat  12.

Milli  Məclisin  Sədri
O. Əsədov  sədrlik  etmişdir


İclasda Milli Məclisin 98 deputatı iştirak etmişdir.

İclasa dəvət olunmuşlar:

V. Eyvazov, Azərbaycan Respublikası daxili işlər nazirinin müavini.
F. Quliyev, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Təşkilati İnspektorluq İdarəsinin rəisi.

* * *

A. Muxtarova, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlüyünə namizəd.
M. Rəhimov, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlüyünə namizəd.
G. Aslanlı, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlüyünə namizəd.


* * *

R. Aslanlı, Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri.
E. Allahverdiyev, Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin idarə rəisi.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı haqqında.
2. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin seçilməsi haqqında.
3. “Prokurorluq haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər və əlavə edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
4. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
5. İnvestisiya fondları haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).
 
İclasda qəbul edilmişdir:

1. “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı.
2. “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı.
3. “Prokurorluq haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər və əlavə edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
4. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
5. İnvestisiya fondları haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuşda).


Azərbaycan  Respublikası
Milli  Məclisinin  Sədri                                  O. ƏSƏDOV

 

 

MİLLİ  MƏCLİSİN  İCLASI

8  oktyabr  2010-cu  il.  Saat  12.

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir


Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.

Qeydiyyat (saat 12.05 dəq.)
İştirak edir  98
Yetərsay  83

Çox sağ olun, yetərsay var, iclasımıza başlaya bilərik. Keçən iclasın gündəliyini davam etdiririk. Ancaq bir şeyi nəzərinizə çatdırım ki, gündəliyə 3 məsələ əlavə eləmişik. İki qanun layihəsi cənab Prezidentdən gəlib, bir qərar layihəsi isə Mərkəzi Seçki Komissiyasının üzvlərinin seçilməsi haqqındadır. Xahiş edirəm, bu əlavələrə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri  (saat 12.06 dəq.)
Lehinə  91
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  4  
İştirak edir  95
Nəticə: qəbul edildi

Çox sağ olun, təsdiq olundu.
Gündəlikdəki məsələlərin müzakirəsinə keçirik. Birinci məsələ İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı haqqındadır. Daxili işlər nazirinin müavini Vilayət Eyvazov, buyurun.
V. Eyvazov, Azərbaycan Respublikası daxili işlər nazirinin müavini.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizə sahəsində görülmüş işlərə dair illik hesabatın təfərrüatlarına keçməzdən əvvəl problemin həlli yönündə dünyada gedən proseslərin mənzərəsini qısaca xatırlatmaq istərdim. Bu həm də beynəlxalq təcrübə ilə müqayisədə ölkəmizdə həyata keçirilən dövlət siyasətinin və konkret tədbirlərin daha obyektiv, gerçək dəyərləndirilməsi baxımından önəmli olardı.
Cari hesabat müasir dövrün qlobal probleminə çevrilən insan alveri ilə mübarizənin tarixində əlamətdar bir ərəfəyə təsadüf edir. Belə ki, bu il dünya birliyinin “XXI əsrin köləliyi” adlandırdığı bəlaya qarşı mübarizəyə başlamasının 10 ili tamam olur. 2000-ci ildə Amerika Birləşmiş Ştatlarında İnsan alveri qurbanlarının müdafiəsinə dair qanun, BMT-də isə həmin cinayətə görə məsuliyyət nəzərdə tutan İnsan alverinin qarşısının alınması, ləğv edilməsi və cəzalandırılmasına dair Palermo Protokolu qəbul edilmişdir. İlk razılaşdırılmış və beynəlxalq öhdəlik sənədi olan bu protokolda “insan alveri” termini də rəsmi ifadəsini tapmışdır.
Belə demək olar ki, 2010-cu il həm də o qədər böyük olmayan müvafiq dünya təcrübəsinin yekunlaşdırılması, qlobal hesabat ilidir. Diqqətçəkən faktdır ki, insan alveri ilə mübarizə üzrə dünyada görülən işlərin dəyərləndirildiyi bir vaxtda ötən on ilin hətta inkişaf etmiş böyük ölkələr üçün də başlanğıc mərhələ olduğu vurğulanır və əksər dövlətlərin müasir köləliklə mübarizə sahəsində yalnız ilk addımlarını atdıqları, həmçinin hələ heç bir dövlətin durmadan artan bu cinayətlərin qarşısının alınmasını tam təmin edə bilmədiyi qeyd olunur.
Ölkəmizdə bu problemlə hüquqi müstəvidə mübarizənin tarixi son 7 ili əhatə edir. Təqdirəlayiq hal isə insan alverinin qarşısının alınmasında, Azərbaycanın öncül, regionda ən fəal, gerçək və mütərəqqi siyasət reallaşdıran dövlətlərdən olmasıdır. Ötən dövrdə, demək olar ki, hər il bir və ya bir neçə mühüm qanun, fərman, sərəncam, qərar və başqa normativ hüquqi aktların qəbul edilməsi məsələyə dövlət səviyyəsində göstərilən diqqəti bir daha təsdiqləyir. Bu baxımdan “Azərbaycan Respublikasının İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planına (2009–2013-cü illər) uyğun olaraq fəaliyyətin səmərəliliyinin artırılması, qurbanların müdafiəsi və sosial reabilitasiyası, müvafiq resursların əlaqələndirilməsi, əməkdaşlıq və maarifləndirmə tədbirlərinin icrası hesabat ilində də uğurla davam etdirilmişdir.
Azərbaycan Respublikası “İnsan alverinə qarşı fəaliyyət üzrə Avropa Şurası Konvensiyası”na qoşulmuş, Nazirlər Kabinetinin qərarları ilə insan alverinin qurbanı olmuş uşaqların sığınacaqda yerləşdirilməsi və saxlanılması qaydaları təsdiq edilmiş, insan alverindən zərərçəkmiş şəxslərə inteqrasiya dövründə ödənilən müavinətin məbləği 33 manatdan 200 manata çatdırılmışdır.
Milli istiqamətləndirmə mexanizminin həyata keçirilməsi üzrə komissiyanın iclaslarında insan alveri qurbanlarına göstərilən yardımlar, onların müdafiəsi ilə əlaqədar görülmüş işlər, qarşıda duran vəzifələr, mövcud problemlərin həlli yolları müzakirə edilmişdir. Bu növ cinayətlərə şərait yaradan sosial problemlərin aradan qaldırılmasına yönəlmiş proqramların icrası ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sənəd layihələri hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunmuşdur.
Azərbaycan Respublikasının xarici dövlətlərdəki diplomatik nümayəndəliklərinin və konsulluqlarının akkreditasiya olunduqları ölkələrin insan alverinə qarşı mübarizə qurumları ilə əməkdaşlığının genişləndirilməsi, insan alveri qurbanlarının respublikaya qayıtmalarına yardım göstərilməsi, ölkəyə qayıtmaq hüququ verən sənədlərlə təmin edilməsi üçün Xarici İşlər Nazirliyi tərəfindən zəruri təşkilati tədbirlər həyata keçirilmişdir. Bu istiqamətdə görülən işlər sırasında Milli Fəaliyyət Planının icrasına beynəlxalq dəstəyin cəlb edilməsi məsələsi də yer almışdır.
İnsan Alverinə Qarşı Qeyri-Hökumət Təşkilatları Koalisiyası ilə qarşılıqlı əlaqədə maarifləndirmə tədbirlərinin icrası üzrə xüsusi proqram əsasında 15 şəhər və rayonda kütləvi tədbirlər təşkil edilərək “152” telefon xidmətinin reklam çarxları, sənədli-detektiv film nümayiş etdirilmiş, iştirakçılara “qaynar xətt”in və sığınacağın fəaliyyəti, Qeyri-Hökumət Təşkilatları Koalisiyası haqqında ətraflı məlumat verilmişdir.
Gənclər və İdman Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, eləcə də Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun əməkdaşları tərəfindən bir sıra qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə birgə respublikanın 39 şəhər və rayonunda yerli icra hakimiyyəti, bələdiyyə və polis orqanları, təhsil, tibb, məşğulluq mərkəzləri, nəqliyyat, gənclər və idman təşkilatları, habelə kütləvi informasiya vasitələrinin nümayəndələri üçün müxtəlif mövzularda seminarlar keçirilmişdir. Cari ilin yanvar ayında Məhkəmə-Hüquq Şurası və “Azərbaycan Miqrasiya Mərkəzi” İctimai Birliyinin birgə təşkil etdikləri tədbirlərdə hakimlər, Avropa Birliyi layihəsi çərçivəsində isə Qadın Hüquqşünaslar Assosiasiyası tərəfindən vəkillər üçün xüsusi təlimlər təşkil edilmişdir.
Hüquq mühafizə orqanlarının zabitləri “İnsan alveri qurbanlarına ilkin sosial-psixoloji yardımın göstərilməsi”, “Sosial işin təşkili”, “Məhkəmələrdə qurbanlara qarşı münasibətdə çatışmazlıqların qeydə alınması” mövzularında kurslara cəlb olunmuşlar.
“İnsan alverinə qarşı mübarizə üzrə cavab mexanizmlərinin gücləndirilməsi proqramı” çərçivəsində fəaliyyətin davamı olaraq xüsusi polis qurumunun əməkdaşları dəyirmi masalarda, “İnsan alveri ilə mübarizə və təhsil” mövzusunda ikinci milli konfransda və xarici dövlətlərdə keçirilən treninqlərdə iştirak etmiş, Böyük Britaniya, İsveç, Kanada, Rusiya və Ukraynanın müvafiq sahədə iş təcrübəsini öyrənmişlər.
Beynəlxalq əməkdaşlığın səmərəliliyinin artırılmasının vacibliyi baxımından ayrı-ayrı vaxtlarda BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının və Beynəlxalq Əmək Təşkilatının Azərbaycandakı nümayəndəliklərinin, Amerika Hüquqşünaslar Assosiasiyasının, ABŞ-ın Azərbaycan Respublikasındakı Səfirliyinin mütəxəssis və ekspertləri ilə görüşlər keçirilmiş, məsləhətləşmələr aparılmışdır. Təyinat ölkələrindən olan Birləşmiş Ərəb Əmirlikləri, Pakistan, İran və Türkiyə, habelə BMT, ATƏT, Beynəlxalq Miqrasiya Təşkilatı, İnterpolun Baş Katibliyi və Amerika, Avstriya, Bolqarıstan, Latviya, Rumıniya, Çin, Misir və sair ölkələrin aidiyyəti qurumları ilə əməkdaşlıq münasibətləri daha intensiv və səmərəli xarakter daşımışdır.
Qarşılıqlı əlaqələr çərçivəsində ölkəmizdə “İnsan alverinə qarşı mübarizə üzrə cavab mexanizmlərinin gücləndirilməsi”, “İnsan alveri qurbanları üçün sığınacağın və qaynar xəttin idarə olunması üzrə ölkə potensialının artırılması”, “Azərbaycanda insan alverinin qarşısının alınmasında orta məktəb təhsilinin əhəmiyyəti”, “Uşaqların insan alverinə məruz qalmasının qarşısının alınması” layihələri üzrə müzakirələr aparılmışdır. Uşaq baxımsızlığının profilaktikası üzrə də tədbirlər təşkil edilərək internat məktəblərini bitirən 128 gənc və yeniyetmə üçün insan alveri mövzusunda həftəlik seminarlar keçirilmişdir.
Beynəlxalq Miqrasiya Təşkilatının “İnsan alveri ilə bağlı orta məktəblərdə təhsil modulunun hazırlanması” layihəsi çərçivəsində həyata keçirilən tədbirlər respublikanın və paytaxtın 17 orta təhsil məktəb və liseyini, eləcə də uşaq evlərini və internat məktəblərini əhatə etmişdir. Şagird və müəllimlərə insan alverinin doğurduğu təhlükələr, “qaynar xətt” xidməti haqqında ətraflı məlumatlar verilmiş, maarifləndirici vəsaitlər paylanmışdır. Müxtəlif şəhər və rayonların orta təhsil məktəblərinin 9–11-ci siniflərində “İnsan və cəmiyyət” fənnini tədris edən müəllimlər üçün “İnsan alveri, onun doğurduğu təhlükələr və bu sahədə mümkün qabaqlayıcı təşəbbüslərin həyata keçirilməsinin yolları üzrə biliklərin artırılması” mövzusunda təlimlər təşkil olunmuşdur.
İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin nəzdində uşaqlar üçün zəruri avadanlıqla təchiz edilmiş sığınacaq yaradılaraq 2009-cu ilin oktyabr ayından istifadəyə verilmişdir. Sığınacağa yerləşdirilmiş uşaqların təhsillərini davam etdirmələri üçün Təhsil Nazirliyi tərəfindən paytaxtda bir orta məktəb və bir körpələr evi ayrılmışdır.
Cari ilin ötən dövründə polis tərəfindən keçirilən reydlər zamanı küçə həyatına məruz qalan, o cümlədən dilənçilik edən və qeyri-qanuni qulluğa cəlb edilən 611 azyaşlı müəyyən edilmişdir. Müvafiq yoxlamalarla həmin uşaqların insan alverinin qurbanı olması təsdiqlənməmişdir. Lakin övladlarının təlim-tərbiyəsi ilə bağlı vəzifələri yerinə yetirməyən, onları hüquqazidd əməllərə cəlb edən valideynlər barəsində qanunla müəyyən edilmiş tədbirlər görülmüşdür. Aparılan işlər, əldə olunan nəticələr müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılmışdır.
Hörmətli millət vəkilləri, köləliyin müasir forması sayılan insan alveri qara bazarın tələb və təkliflərinə, iqtisadiyyatda yaranan qeyri-sabitliyə, qanunvericilik aktlarında olan boşluqlara və kifayət qədər sərt olmayan sanksiyalara dərhal adekvat reaksiya verən dinamik və həssas bir cinayət kimi qəbul olunur. Beynəlxalq təşkilatların hesabatlarına görə 2009-cu ildə dünyada 12,3 milyon insan bu cinayətlərin qurbanına çevrilmişdir ki, onlardan da 56 faizi qadın və qızlardır. Cinayətkarların insan alverindən əldə etdikləri gəlirlərin miqdarı isə 38 milyon dollara bərabərdir. 2008-ci illə müqayisədə ötən il 56 faiz çox, yəni 49105 insan alverinin qurbanı müəyyən edilmişdir. Dünya üzrə bu cinayətin qurbanlarının həmin insana nisbəti 1,8 nəfər təşkil edir.
Bu baxımdan qarşıda duran vəzifələrin sistemli şəkildə yerinə yetirilməsi üçün insan alverinin səbəblərinin, ona şərait yaradan halların müəyyən edilib aradan qaldırılması, cinayətlərin təşkilatçılarının, iştirakçılarının və icraçılarının məsuliyyətə cəlb edilməsi daim diqqət mərkəzində saxlanılır. İnsan alverinə xas olan yüksək latentlik nəzərə alınaraq onların aşkarlanması üzrə informasiya-analitik işin və kriminoloji tədqiqatların aparılması istiqamətində fəaliyyət günbəgün gücləndirilir. Görülən məqsədyönlü tədbirlər əməliyyat şəraitinin nəzarətdə saxlanılmasını, onun inkişaf meyillərinin izlənməsini, əhalinin müxtəlif qrupları üzrə cinayətin qurbanlarının vaxtında müəyyən edilib, qabaqlayıcı tədbirlərin görülməsini təmin etmişdir.
2010-cu ilin 9 ayında həyata keçirilmiş əməliyyat-profilaktik tədbirlər nəticəsində insan alveri ilə bağlı 63 fakt qeydə alınmış, 5 cinayətkar qrup zərərsizləşdirilmiş, bütövlükdə 29 cinayətkar ifşa edilmişdir. Hüquqazidd əməllərə görə beynəlxalq axtarış elan edilmiş şəxslərdən 13 nəfəri İnterpol xətti ilə tutularaq istintaq orqanlarına təhvil verilmiş və hazırda 43 nəfərin axtarışı davam etdirilir. İnsan alverinin qurbanı olan 32 nəfərdən 25-i sığınacağa yerləşdirilmiş, hər birinə hüquqi, tibbi və psixoloji yardımlar göstərilmiş, cəmiyyətə reinteqrasiya olunmuşlar. Qurbanların bir hissəsi işlə təmin edilmiş, digərləri isə peşə kurslarına göndərilməklə müvafiq sertifikatlar almışlar. Belə şəxslərin himayəsində olan azyaşlılara da müvafiq yardımlar göstərilmişdir. İki uşaq Təhsil Nazirliyi tərəfindən internat məktəbinə, beşi uşaq bağçasına yerləşdirilmişdir. İnsan alverindən zərərçəkmiş 27 nəfərə birdəfəlik müavinətlər və Qurbanlara Kömək Fondundan yardımlar verilmiş, 6 nəfərə cinayət nəticəsində dəymiş maddi ziyan məhkəmə prosesləri zamanı ödətdirilmişdir. Cinayətlərin açılmasında iştirak etmiş 12 şəxs Daxili İşlər Nazirliyi tərəfindən mükafatlandırılmışdır.
Bu gün Azərbaycan müvafiq qurbanlar üçün yalnız mənbə və tranzit ölkəsidir. Araşdırmalar göstərir ki, insan alverinin qurbanlarından 23 nəfəri Türkiyəyə, 4 nəfəri Birləşmiş Ərəb Əmirliklərinə, 3 nəfəri İrana aparılmışdı. Onlardan biri orta ixtisas, üçü natamam orta, 19-u orta təhsilli, 9 nəfəri təhsili olmayanlardır. İctimai mənəviyyat əleyhinə olan hüquqazidd əməllərlə bağlı 115, o cümlədən fahişəliyə cəlb etməyə görə 52, əxlaqsızlıq yuvaları saxlama ilə əlaqədar 63 cinayət aşkarlanaraq 71 nəfər məsuliyyətə cəlb edilmişdir. İctimai mənəviyyat əleyhinə hüquqpozmalarla bağlı saxlanılmış 500-dək qadının potensial qurban olmasının istisna edilməməsi nəzərə alınaraq, hər biri indikatorlar əsasında sorğulara cəlb edilmiş, lakin onların insan alverinin qurbanları olması təsdiqlənməmişdir.
Cari ilin ötən dövründə “Qaynar xətt” telefon xidmətinə insan alveri, əxlaqsızlıq yuvaları saxlama, xarici ölkələrdə işə düzəltmə, təhsil, əcnəbilərlə nikahda ortaya çıxan problemlər və sair məsələlərlə əlaqədar 11994 zəng daxil olmuşdur. Onu da qeyd edim ki, insanların məcburi əməyə cəlb edilməsi ölkəmiz üçün xarakterik sayılmayan cinayətlərdən olmaqla, belə hüquqazidd əməl yalnız ötən dövrdə qeydə alınmışdır. Azərbaycanın ayrı-ayrı regionlarından gələn vətəndaşların paytaxtda və başqa şəhərlərdə sənaye-tikinti və xidmət sahələrində çalışması isə ölkədaxili miqrasiya proseslərinin tərkib hissəsidir və insanların məcburi istismarı kimi qiymətləndirilir.
Ümumən, ölkəmizdə insan alverinin bütün formalarının aradan qaldırılması istiqamətində ən yüksək səviyyədə siyasi iradə mövcuddur ki, bu da həm Milli Fəaliyyət Planından irəli gələn tədbirlərin, həm də beynəlxalq təşkilatların tövsiyələrinin məqsədyönlü şəkildə yerinə yetirilməsinə təminat verir. Bunun üçün, eləcə də Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq sənədlərdən irəli gələn tələblərin icrası məqsədi ilə aidiyyəti dövlət orqanları, vətəndaş cəmiyyəti, BMT-nin üzvü olan bir çox ölkələr, habelə beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqədə səmərəli iş aparılır. Müvafiq sahədə fəaliyyətin müsbət nəticələrə gətirib çıxaracağını şərtləndirən ən vacib amil isə ölkəmizdə siyasi sabitliyin, demokratik inkişafın, yüksək iqtisadi tərəqqinin və sosial rifahın təmin edilməsinə nail olunmasıdır.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin insan hüquqlarının etibarlı təminatını xüsusi diqqət mərkəzində saxlaması sayəsində son 5 ildə parlamentdə insan alverinə qarşı mübarizəni tənzimləyən qanunvericilik aktları ilə yanaşı, miqrasiya, gender bərabərliyi, məişət zorakılığı və sair vacib məsələlərə dair əhəmiyyətli qanunlar qəbul edilmişdir.
Ötən dövr həm də insan alverinə qarşı mübarizənin keyfiyyət mərhələsi kimi çoxsaylı tədbirlərin həyata keçirilməsi, dövlət strukturlarının və qeyri-hökumət təşkilatlarının əlaqəli fəaliyyətinin təmin edilməsi ilə səciyyəvidir. Bu mühüm işlərdə bilavasitə iştirak etdiyinizə, işgüzar və səmərəli əməkdaşlıq münasibətinizə görə sizin hər birinizə, o cümlədən vətəndaş cəmiyyəti və media nümayəndələrinə öz dərin minnətdarlığımı bildirir, gələcək fəaliyyətinizdə sizə uğurlar arzulayıram. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun, Vilayət müəllim.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yox, bu, Milli Koordinatorun məlumatıdır, hesabatı deyil. 7 nəfər yazılıb, buna ehtiyac varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Mən də hesab edirəm ki, bu, nəzərə alınmalıdır.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Pənah Hüseyn, hesabat verəcəksən? Mən hesab edirəm ki, biz hər il Koordinatorun məlumatını nəzərə alırıq, bu il də o qaydaya əməl eləməliyik.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Necə ki, sən yerindən durub danışacaqsan, belə də olacaq. Sən hesab edirsən ki, Milli Məclisin iclası pulsuz efir vaxtıdır? Belə olmaz axı. Koordinatorun verdiyi məlumatı nəzərə almaq vacibdir. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 12.24 dəq.)
Lehinə  88
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0  
İştirak edir  88
Nəticə: qəbul edildi
 
Qəbul edildi, sağ olun.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, yerinizdən danışmayın. İclas gedir.
Gündəliyin ikinci məsələsi Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin seçilməsi barədədir. Hörmətli deputatlar, bildiyiniz kimi, Seçki Məcəlləsinə uyğun olaraq, 2006-cı ildə Mərkəzi Seçki Komissiyasının üzvləri seçilmişlər. Komissiyanın 18 üzvü olmalıdır, 16 nəfər seçilmişdir. Qalan iki yerə heç kimin namizədliyi verilməmişdi. Bunlardan biri müstəqil deputatlar tərəfindən azlıq təşkil edən partiyalarla razılaşdırılan, digəri isə Müsavat Partiyası və Azərbaycan Xalq Partiyası tərəfindən təqdim edilən bir nümayəndə olmalıdır. Təəssüflər olsun ki, həmin dövrlərdə bu təqdimatlar olmadı.
Yəqin, xatırlayırsınız, ötən il növbədənkənar sessiya keçirilərkən azlıq təşkil edən partiyalardan Mərkəzi Seçki Komissiyasının üzvü Konstitusiya Məhkəməsinə hakim təyin edildi və beləliklə, Mərkəzi Seçki Komissiyasında 3 boş yer oldu. Bir ay sonra parlament seçkiləri keçiriləcəkdir. Həm Müsavat Partiyası, həm Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, həm də müstəqil deputatlar tərəfindən verilən təkliflər nəzərə alınaraq, həmin 3 yerə irəli sürülən namizədliklər müzakirə olunub. Bu müzakirə haqqında sənədlər sizdə var, namizədlər Milli Məclisdə iştirak edirlər. Onları təqdim etməyə ehtiyac varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda bir-bir namizədlərimizi təqdim edək. Müstəqil deputatlar tərəfindən təqdim olunan namizəd haqqında buyursun Valeh Ələsgərov.
V. Ələsgərov. Təşəkkür edirəm, cənab Sədr. Heç bir partiyaya mənsub olmayan deputatların oktyabrın 5-də keçirilən yığıncağında təqdim etdiyimiz namizədin – Muxtarova Arifə Ağaverdi qızının namizədliyi dəstəklənmişdir. Muxtarova Arifə xanım bu gün də sizə təqdim olunur, o, iclasda iştirak edir. Arifə xanımın özünü də, ailəsini də, həyat yoldaşını da mən çox yaxşı tanıyıram, ziyalı ailəsindəndirlər. İkisi də hüquqşünasdır. Ona görə də ürəklə təqdim edə bilərəm.
Arifə xanım 1976-cı ildə Zəngilan rayonunda müəllim ailəsində anadan olub, 1993-cü ildə orta məktəbi bitirib, 1994-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub, 1998-ci ildə bu fakültənin bakalavr pilləsini, 2000-ci ildə isə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. Həmin ildə də müvafiq qaydada test imtahanları və sair prosedurlardan keçərək Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzində işə qəbul olunubdur, bu günə qədər də orada işləyir. 2003-cü ildə Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi kursuna daxil olub, 2006-cı ildə bu kursu fərqlənmə diplomu ilə bitiribdir. Bayaq dediyim kimi, ailəlidir, iki gözəl övladı var. 5 yaşında Murad adında gözəl bir oğlu, 3 yaşında Nüşabə adında gözəl bir qızı var. Ona görə də ürəklə təqdim edirəm, əminəm ki, ona səs verəcək, bizim namizədimizi dəstəkləyəcəksiniz. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Hesab edirəm ki, 3 namizədin üçü də təqdim olunsun, sonra bir yerdə səsə qoyaq. Müsavat Partiyasının təqdimatı üçün İkram İsrafil buyursun.
İ. İsrafil. Təşəkkür edirəm, cənab Sədr. Aslanlı Gülağa Qulam oğlu 1952-ci il fevralın 24-də Masallı rayonunun Mollabad kəndində anadan olub, ailəlidir, bitərəfdir, ali təhsillidir. Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib. Fizika-riyaziyyat elmləri namizədidir. Rus dilini və Osmanlı türkcəsini bilir. Müxtəlif vaxtlarda müxtəlif vəzifələrdə çalışıb. Müsavat Partiyası da Gülağa Aslanlının Mərkəzi Seçki Komissiyası üzvlüyünə namizədliyini müdafiə edir və biz də həmkarlarımızdan bunu xahiş edirik.
Sədrlik edən. Çox sağ olun. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının nümayəndəsi Qüdrət Həsənquliyev buyursun.
Q. Həsənquliyev. Çox sağ olun, cənab Sədr. Təqdim etdiyimiz Mikayıl Rəhimov ali təhsillidir. Həm Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu, həm də Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Azərbaycan xalq hərəkatının fəal iştirakçılarındandır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin və onun Rəyasət Heyətinin üzvü olub. Babək Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin sədri vəzifəsində işləyib. Mərhum Prezidentimiz Əbülfəz Elçibəyin dövründə Azərbaycan Xalq Cəbhəsi Partiyasının Nəzarət təftiş komissiyasının sədri olub, seçkilərdə iştirak edib. Seçki qanunvericiliyini kifayət qədər mükəmməl bilir və hesab edirəm ki, əgər etimad göstəriləcəksə, o, Mərkəzi Seçki Komissiyasındakı fəaliyyətində də qanunların aliliyini əsas tutacaq və ölkədə şəffaf, azad, demokratik seçkilərin keçirilməsinə öz töhfəsini verəcəkdir. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Üç namizədin hər biri haqqında qısa arayış verildi. Buyurun, Pənah Hüseyn.
P. Hüseyn. Hörmətli Sədr, mən belə başa düşdüm ki, bundan əvvəlki məsələnin müzakirəsində maraqlı olmayan nüfuzlu qüvvələr və yaxud onların lobbiçiləri var. Amma hər halda bu məsələni biz müzakirə etməliyik. Mən Gülağa Aslanlının namizədliyini, təbii ki, müdafiə edirəm. Eyni zamanda, BAXCP tərəfindən namizədliyi irəli sürülmüş hörmətli Mikayıl bəyi də çoxdan tanıyırıq və yaxşı münasibətlərimiz olub. Onun Azərbaycan xalq hərəkatında iştirakı haqqında kifayət qədər deyildi, biz də bunu təsdiqləyirik. Yəni prinsipcə, onun əleyhinə deyilik.
Hörmətli Valeh müəllimin də təqdim etdiyi xanımı şəxsən tanımasaq da, hər halda onun barəsində deyilənlərin həqiqət olduğuna inanırıq.
Eyni zamanda, belə bir faktı diqqətinizə çatdırıram ki, Mərkəzi Seçki Komissiyası 2005-ci ilin seçkilərinin nəticələrinə görə formalaşdırılır. 2005-ci ildə Müsavat Partiyası və onunla bir blokda iştirak edən və hazırda da onunla müttəfiqlik edib, bu namizədləri dəstəkləyən partiyalar 500 minə qədər səs almışdılar. Hazırda bu partiyalar Yeni Azərbaycan Partiyasından sonra ən çox deputatla burada təmsil olunur. Nəzərə alın ki, hətta Gülağa Aslanlı təsdiq olunandan sonra da, təxminən 30 mindən artıq seçki komissiyasının üzvləri sırasında 500 min səs almış və Yeni Azərbaycan Partiyasından sonra ən çox deputatla təmsil olunan siyasi qüvvələrin hazırda Azərbaycan Mərkəzi Seçki Komissiyasında yalnız bir nümayəndəsi vardır.
Dairə və məntəqə seçki komissiyalarının tərkibi tam şəkildə formalaşdırılmışdır. Bu gün təsdiq etdiyimiz şəxslərin fərdi, şəxsi keyfiyyətlərini bir kənara qoyaq. Belə bir seçki komissiyasına, heç şübhəsiz, bizim tərəfimizdən siyasi etimad göstərilə bilməz. Bu, seçkilərin legitimliyinin tanınması üçün əsas ola bilməz. Əksinə, indidən bu seçkilərin nəticələrinin tanınması üçün ciddi şübhələr yaradır. Seçki komissiyalarının sədrləri və katibləri Yeni Azərbaycan Partiyası tərəfindən təyin edilmişdir. Məntəqə və dairə seçki komissiyaları üzvlərinin mütləq əksəriyyəti, o cümlədən azlıqda olan partiyaların və yaxud bitərəflər tərəfindən namizədliyi verilmiş üzvlərin mütləq əksəriyyəti, yüzdə 99-u icra hakimiyyəti orqanları tərəfindən təyin olunmuşdur.
Hörmətli Milli Məclis və hörmətli sədarət, heç şübhəsiz, müzakirə etdiyimiz məsələ seçki komissiyalarının formalaşdırılması ilə bağlı olduğuna görə bu məsələdəki mövqeyimiz mütləq diqqətə alınmalıdır. Biz hesab edirik ki, Müsavat Partiyasının təqdim etdiyi ikinci namizədin – Ənvər Əliyevin burada müzakirəyə çıxarılmaması ədalətsizlikdir, doğru deyildir. Heç şübhəsiz, bu məsələ Azərbaycanda siyasi konsensusu, o cümlədən seçkilər ətrafında yarana biləcək konsensus şansını həlledici bir şəkildə artıq aradan qaldırmış oldu. Mən hesab edirəm ki, yaxın günlərdə bu məsələyə, şübhəsiz, istər Müsavat Partiyası, istərsə də Xalq Partiyası münasibət bildirəcəkdir. Mən burada Xalq Partiyasını təmsil edən deputatam. İcra aparatında da bu barədə məsələ müzakirə edilərkən qeyd olundu ki, Müsavat Partiyasına verilən yer həm də Xalq Partiyasına verilən yerdir, hörmətli Səfa Mirzəyev tərəfindən bu, rəsmən mənə bildirildi. Hər halda biz bu məsələyə qayıdacağıq və heç şübhəsiz, bu məsələ barədə qərar qəbul edilərkən, dairə və məntəqə seçki komissiyalarında təmsilçilik məsələsinin həllindən çox şey asılı olacaqdır.
Yekunlaşdırıram bu məsələni. Bir daha təkrar edirəm, belə bir şəraitdə belə seçki komissiyaları ilə seçkiyə getmək, Azərbaycan müxalifətinin əsas hissəsi, real müxalifət qüvvələri olaraq, hesab edirəm ki, hakim partiyanın, iqtidarın, icra hakimiyyəti orqanının yeni seçki hazırlığını saxtalaşdırdığı barədə qərara gəlməyə tam əsas verir.
Hörmətli Milli Məclis, hörmətli hakimiyyət, hələ gec deyildir, siyasi iradə göstərib siyasi qərar qəbul oluna bilər. Qanunvericilik də bunun hüquqi cəhətdən həll edilməsi üçün kifayət qədər əsaslar yaradır və hələ vaxt da vardır və biz öz tələbimizi bir daha Milli Məclisdə səsləndiririk. Təşəkkür edirəm.
Sədrlik edən. Pənah bəy, qanundan çox danışırsan, burada hər bir məsələ qanuna uyğun həll olunur. Heç harada yazılmayıb ki, Müsavat Partiyası azlıq təşkil edən digər partiyalardan çox namizəd verə bilər, bu bir. İkinci, Müsavat Partiyasının 4 deputatı var, müstəqil deputatlar sizdən on dəfə çoxdur, hansı ixtiyarla onların hüquqlarını tapdalayır və ya onlar haqqında danışırsınız. Bunlar həm də həmkarlıqla düzgün gəlmir. Bura pafoslu çıxışların yeri deyil.
Mən hesab edirəm ki, qəbul olunmuş bütün qərarlar düzgündür, qanunvericiliyə uyğundur. Keçən dəfə siz nümayəndələrinizi verdiniz ki, iclasda iştirak etsinlər, özünüz isə iclasa gəlmədiniz. Azlıq təşkil edən partiya kimi iclasda iştirak etmədiniz. Bu bəhanələri kənara qoyaq. Artıq seçkilərə də bir ay qalıb. Yazılan yoldaşlardan təkid edən varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Mübariz Qurbanlı buyursun.
M. Qurbanlı. Təşəkkür edirəm, Oqtay müəllim. Bundan əvvəlki məsələni səsə qoyduq, qəbul etdik. Mən çox təəssüf edirəm ki, bəziləri, xüsusilə müxalifətdən olanlar bütün məsələlərlə bağlı danışmağa cəhd edirlər. Dünya parlament təcrübəsinə baxın, cənablar. Amerika Birləşmiş Ştatlarında Konqresin, Senatın müzakirələrinə baxın. Rusiya Dövlət Dumasına, Türkiyə parlamentinə baxın. Elə məsələlər var ki, bəllidir. Bunun nəyini müzakirə edəcəksən? Ona görə də deputatlar sənədləri oxuyurlar və səs verirlər. Hər məsələdən ötrü tribuna, mikrofon əldə etmək, danışmağa cəhd göstərmək, düşüncəmə görə, reklam xarakterli bir məsələdir. Cəmiyyətə bu bir xeyir gətirmir. Kimsə özünü müxalifət qəzetlərində reklam etmək istəyirsə, bunun ziyanını görür.
İkinci, burada deyildiyi kimi, hər bir məsələyə qanun çərçivəsində baxılır. Biz komissiyaların formalaşdırılması qaydasını müəyyən etmişik. Seçki Məcəlləsi var, buna müvafiq də namizədlər verilib və kim vaxtında namizəd verməyibsə, məntəqədə, dairədə təmsil olunmayıbsa, bu onun öz təqsiridir. Digər tərəfdən, həmin məntəqə və dairələrdə təmsil olunan müxtəlif partiyaların nümayəndələrinə böhtan atmaq, həmin partiyaları aşağılamaq, hesab edirəm, siyasi etika baxımından düzgün deyil. Pənah Hüseyn burada dezinformasiya ilə məşğuldur. Həmin məntəqələrdə, dairələrdə heç də Müsavat Partiyasından, digər partiyalardan geridə qalmayan müxalifət partiyalarının nümayəndələri var. Hansı haqla Siz hansısa partiyaya aşağı deyirsiniz. Müəyyən seçkidə kimsə üstün səs ala bilər. Digər seçkidə də başqaları sizdən çox səs ala bilərlər. Ona görə də mən hesab edirəm ki, bunlar çox düzgündür və bunu səsvermyə qoya bilərik. Təşəkkür edirəm.
Sədrlik edən. Buyur, Siyavuş Novruzov. Amma xahiş edirəm, qısa danışın.
S. Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Hörmətli deputatlar, mən də namizədliyi təqdim olunan insanlarla bağlı qeyd edə bilərəm ki, bir neçəsini tanıyıram. Hesab edirəm ki, əgər bəzilərinə partiyaları imkan versə, onlar orada ədalətli şəkildə işləyə və bu fəaliyyəti həyata keçirə bilərlər. Mən hesab edirəm ki, MSK üzvləri tərəfsiz olmalıdırlar. Əslində, oraya bitərəflər təyin olunurlar. Qanunun aliliyi gözlənilməlidir.
İkinci, qanunvericiliklə bağlı həmkarlarım qeyd etdilər. Keçən dəfə mən Mərkəzi Seçki Komissiyasının təşkil olunması ilə bağlı qeyd etmişdim ki, azlıqda olan hər hansı partiya sabah parlament seçkilərindən sonra daha çox səs toplaya bilər. Bu o demək deyil ki, dəyişiklik olacaq, onlar yerlərini dəyişməlidirlər və sair. Azlıq ümumilikdə azlıqdır və oraya daxil olan partiyaların hamısı azlıqda gedir və onların hər birinə də müvafiq yer ayrılır. Kimi ərköyünlük edir, kimi başqa bir formada yanaşır və hesab edir ki, ona xüsusi baxış, xüsusi münasibət olmalıdır. Amma qanunun aliliyi hamı üçün eynidir.
Adətən, millət vəkillərini də, Prezidenti də, bələdiyyə üzvlərini də əhali, seçici seçir. Nədənsə seçicilərlə iş aparmaq əvəzinə dairə, məntəqə, Mərkəzi Seçki komissiyalarına üzvlük uğrunda mübarizə gedir. Seçici səs verir və hər bir məntəqədə də, dairədə də hər bir partiyanın, namizədin müşahidəçisi var, müşahidə edir və müşahidə vərəqəsini gətirib göstərir ki, bax, sən burada bu qədər səs almısan. Ona görə də səsi kimin saymasından asılı olmayaraq, seçici bazası, sosial baza, elektoratdan söhbət gedir. Parlament seçkilərində kiminsə elektoratı yoxdursa, Mərkəzi Seçki Komissiyasında da, dairə seçki komissiyasında da 20 nümayəndəsi olsa belə, heç bir səs ala bilməyəcəkdir. Ona görə də insanlarla işləmək lazımdır.
Biz bu gün bunun şahidi oluruq ki, ayrı-ayrı dairələrdə, məntəqələrdə artıq böhtan atma kampaniyasına başlanılıb. Heç imza toplaya bilmirlər. Bir aydır, imza toplama kampaniyası başlayıb, bu partiyanın liderləri hələ dünən imza vərəqələrini dairə seçki komissiyasına təqdim ediblər. Yəni onların göstəricisi budur. Bir aydır seçki prosesi gedir. Digər halları da deyə bilərəm. Sabah təbliğat kampaniyası başlayır, onlar buna hansı səviyyədə hazırdırlar? Bu işləri hər bir partiya öz daxilində həll edir. Sonra bunlar cəmiyyətə təqdim olunmalıdır. Daxilində heç bir iş aparmayıb, digərlərinə böhtan atmaqla, komissiyaları şərləməklə heç kəs Milli Məclisin deputatı seçilə bilməz. Azərbaycanın həmin dövrləri getdi. Hamı qanunun aliliyinə tabe olaraq seçicilərinin səsini toplaya və bundan sonra millət vəkili seçilə bilər. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda gəlin, hamıya söz verək danışsın.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Mən xahiş edirəm, – çıxışımın əvvəlində dedim, – Milli Məclisin iclasından tribuna kimi istifadə etməyək. Zahid Oruc, nə çıxış edəcəksən, namizədləri veriblər? Qüdrət, namizədini vermisən, nədən danışacaqsan?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Dedim, iclası debata çevirməyək, ay əzizlərim. Seçkilərə bir ay qalıb, səviyyəmizi saxlayaq, debatları kənara qoyub əsas məsələlərlə məşğul olaq. Xahiş edirəm, münasibət bildirəsiniz.

Səsvermənin nəticələri (saat 12.44 dəq.)
Lehinə  93
Əleyhinə  0
Bitərəf  1
Səs vermədi  1  
İştirak edir  95
Nəticə: qəbul edildi
 
Qəbul edildi. Mərkəzi Seçki Komissiyasına seçilmiş yeni üzvləri təbrik edir, onlara müvəffəqiyyətlər arzulayırıq! Çox sağ olun.
Gündəliyin növbəti məsələsi “Prokurorluq haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanunlara dəyişikliklər və əlavə edilməsi barədədir. Buyursun Əli Hüseynov.
Ə. Hüseynov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.
Çox sağ olun, hörmətli cənab Sədr. Hörmətli millət vəkilləri! Bu qanuna təklif olunan əlavə və dəyişikliklərin mahiyyətindən danışmaq istəyirəm. Bildiyiniz kimi, “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanuna görə orden və medalla təltif olunmanın xüsusi qaydası mövcuddur və bu vəzifə cənab Prezidentin səlahiyyətinə aiddir. Amma bizim qanunvericilikdə bir sıra hallarda həmin medalların müvafiq icra hakimiyyəti orqanının rəhbəri, bu halda isə Baş prokuror tərəfindən təqdim olunması da var idi. Ona görə təklif olunur ki, 10-cu maddədən “xatirə medal və nişanları” sözləri çıxarılsın və “xatirə nişanları” sözləri yazılsın. Beləliklə, xatirə nişanları ilə təltif etmək hüququ Baş prokurorda qalır. Ancaq medallar, təbii, adı çəkilən qanuna uyğun olaraq təqdim edilir.
“Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanuna bir əlavə edilir. Həmin qanuna 28.1.1-ci maddə əlavə olunur. Əlavənin mahiyyəti bundan ibarətdir: “Ədliyyə sisteminin inkişafı sahəsində göstərdikləri səmərəli əməkdaşlığa və verdikləri töhfələrə görə Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət və digər qurumlarının, habelə beynəlxalq təşkilatlarının nümayəndələri və ölkə vətəndaşları fəxri fərman və xatirə nişanları ilə təltif edilə bilərlər”.
Məlumat üçün demək istəyirəm ki, hazırda ədliyyə orqanları ilə həm milli qeyri-hökumət təşkilatları, həm də beynəlxalq qeyri-hökumət təşkilatları arasında səmərəli əməkdaşlıq əlaqələri mövcuddur. Məlumat üçün deyə bilirəm ki, milli qeyri-hökumət təşkilatlarının nümayəndələri ictimai komitə çərçivəsində tez-tez penitensiar müəssisələrə gedə bilirlər. Ədliyyə orqanları Məhkəmə-Hüquq Şurasının fəaliyyətində yaxından iştirak edirlər. Hakimlərin seçilməsi prosesində həm vətəndaşlar, həm milli qeyri-hökumət təşkilatları, həm də beynəlxalq qeyri-hökumət təşkilatları yaxından iştirak edirlər. Düşünürəm ki, əgər onların fəaliyyəti fəxri nişan və fərmanlarla qeyd olunarsa, bu özü də müsbət təcrübə hesab oluna bilər. Bu əlavə belə bir hüququn yaranmasına gətirib çıxaracaqdır. Ona görə millət vəkillərindən bu iki qanuna edilən əlavə və dəyişiklikləri dəstəkləməyi xahiş edirəm. Çox sağ olun, cənab Sədr.
Sədrlik edən. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirəsiniz.

Səsvermənin nəticələri (saat 12.47 dəq.)
Lehinə  91
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  2  
İştirak edir  93
Nəticə: qəbul edildi
 
Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Məhkəmələr və hakimlər haqqında” Qanuna əlavə və dəyişiklik edilməsi barədədir. Əli Hüseynov, buyurun.
Ə. Hüseynov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli həmkarlarım! Bildiyiniz kimi, son dövrlər məhz sizlərin də iştirakı ilə məhkəmə-hüquq islahatlarını davam etdiririk. Nə üçün parlamentin iştirakı ilə? Çünki yuxarı instansiya məhkəmələrinin təyinatında parlament birbaşa iştirak edir. Sözsüz, bu islahatların uğurlu elementləri kifayət qədərdir. Məhkəmə islahatları hüquqi dövlət quruculuğunun vacib tərkib hissəsidir. Bu islahatlarla bağlı məhkəmə hakimiyyətinin maddi-texniki bazasının, hakimlərin əmək haqlarının, təminatlarının artırılması barədə ciddi tədbirlər görülüb. Bunlar hamısı bir-biri ilə əlaqədardır.
Məhkəmə hakimiyyətinin müstəqilliyi müəyyən mənada onun təminatı ilə də bağlıdır. Sözsüz, müəyyən problemlər də var. Məhkəmə-Hüquq Şurası bu sahədə də öz fəaliyyətini davam etdirir. Nə qədər paradoksal və bir qədər də böyük rəqəm olsa da, indiyə qədər Məhkəmə-Hüquq Şurası yüzdən yuxarı icraat qaldırmışdır. Həmin icraatlarla bağlı hakimlər həm cəzalanmış, həm də qanun pozuntularına, korrupsiyalara yol verdiklərinə görə tutduqları vəzifədən kənarlaşdırılmışlar. Cənab Prezident tərəfindən təklif olunan “Məhkəmələr və hakimlər haqqında” Qanunun 106-cı maddəsinə edilən əlavə hakimlərin təminatı ilə bağlıdır. Qeyd etmək istəyirəm ki, əslində, bu əlavə və dəyişiklik ölkə Prezidenti tərəfindən məhkəmə hakimiyyətinin fəaliyyətinin müasirləşdirilməsi ilə bağlı məlum fərmanın ruhundan irəli gəlir. Hesab edirəm ki, belə bir əlavə təminatların yaradılması hakim korpusunun daha səmərəli, müstəqil fəaliyyət göstərməsinə öz töhfəsini verəcəkdir. Ona görə də sizdən “Məhkəmələr və hakimlər haqqında” Qanuna edilən əlavə və dəyişikliyə səs verməyi xahiş edirəm. Çox sağ olun.

Azərbaycan  Respublikası  Milli  Məclisi  Sədrinin
birinci  müavini  Z. Əsgərov  sədrlik  edir

Sədrlik edən. Sağ olun, Əli müəllim. Nə təklif edirsiniz?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirəsiniz.

Səsvermənin nəticələri (saat 12.50 dəq.)
Lehinə  96
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0  
İştirak edir  96
Nəticə: qəbul edildi
 
Qəbul edildi, sağ olun.
Növbəti məsələ İnvestisiya fondları haqqında qanun layihəsinin ikinci oxunuşudur. Ziyad müəllim, buyurun.
Z. Səmədzadə, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri.
Hörmətli sədarət, hörmətli millət vəkilləri! Əvvəla, millət vəkillərindən üzr istəyirəm ki, müəyyən anlaşılmazlıqlar üzündən axırıncı variantda müəyyən orfoqrafik, texniki xarakterli səhvlərə yol verilib. İnvestisiya fondları haqqında Azərbaycan Respublikası qanununun layihəsi Milli Məclisdə birinci oxunuşdan, bilirsiniz ki, keçmişdir. Ötən müddətdə İqtisadi siyasət komitəsi, Qiymətli kağızlar bazarı, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, eləcə də Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsi birgə işçi qrupu yaratmışdır. Həmin qrup qanun layihəsi üzərində xeyli müddət işləmiş, müzakirələr aparmışdır.
Məlumat üçün bildirim ki, bu yaxınlarda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Fond Birjasının yaradılmasının 10 illiyi ilə əlaqədar sərəncam imzalamışdır. Bakıda “Kollektiv investisiyalar” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Konfransda birmənalı şəkildə bildirilmişdir ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən son vaxtlar maliyyə bazarının təkmilləşməsi istiqamətində çox ciddi addımlar atılır. Artıq qiymətli kağızlar bazarının Azərbaycanda inkişaf strategiyası hazırlanır. Bu inkişaf strategiyası iqtisadi qurumlarda müzakirə olunur. Bir sözlə, qiymətli kağızlar bazarının daha da inkişafı üçün bu gün respublikada əlverişli şərait yaradılmışdır. Bu da qanunvericilik bazasının təkmilləşməsini tələb edir.
Qeyd edilməlidir ki, qanun layihəsi ilə müəyyən edilmiş kollektiv investisiya mexanizmləri tamamilə beynəlxalq standartlara cavab verir, ölkəmizdə investisiya fondlarının yaradılması və fəaliyyəti üçün geniş imkanlar açır. Bundan əlavə, son qlobal maliyyə böhranı ilə əlaqədar investisiya fondlarının tənzimləmə prinsipləri ilə bağlı qəbul edilmiş yeniliklər qanun layihəsində bu və ya digər dərəcədə öz əksini tapmışdır.
Görülmüş işlər nəticəsində qanun layihəsində verilmiş anlayışların beynəlxalq terminologiyanın uyğun gəlməsinə xüsusi diqqət yetirilmişdir. Qanun layihəsində edilmiş mühüm dəyişikliklərdən biri “İnvestisiya fondu” anlayışının yenidən işlənməsidir. Yeni variantda oxuyuruq: “İnvestisiya fondu” – səhmdar və ya paylı investisiya fondu formasında yaradılan vəsaitləri cəlb edib, mənfəət əldə edilməsi məqsədi ilə investisiya bəyannaməsində nəzərdə tutulmuş qaydada yatırılması ilə məşğul olan maliyyə qurumudur”. Hesab edirik ki, yeni anlayış həm nəzəri cəhətdən, həm də terminoloji baxımdan investisiya fondlarının mahiyyətini özündə daha dolğun əks etdirir.
Layihədə bəzi məsələlərin dəqiqləşdirilməsi ilə bağlı müxtəlif dəyişikliklər edilmişdir. 7.4-cü bənd indi aydın başa düşülür: “Səhmdar investisiya fondunun səhmləri, onun fəaliyyətinə xüsusi razılıq (lisenziya) verildikdən sonra yerləşdirilə bilər”. Göründüyü kimi, burada səhmlərin yerləşdirilməsi daha konkret göstərilmişdir. Digər dəyişikliklər, əsasən, texniki xarakter daşıyır və mətnin sadələşməsi məqsədi ilə edilmişdir. 55 maddədən ibarət qanun layihəsinin 49 maddəsində sadələşdirmək üçün redaktə xarakterli dəyişikliklər aparılmışdır.
Qanunun dili çox mürəkkəb idi. İndi də bu cəhətdən iş görmək lazımdır. Biz hesab edirik ki, ikinci oxunuşdan sonra qanun layihəsinin redaktə edilməsi istiqamətində daha təsirli tədbirlər həyata keçirəcəyik.
Hörmətli Ziyafət müəllim, millət vəkillərinə payladığımız layihənin bir sıra maddələrində redaktə xarakterli dəyişiklikləri, ehtiyac varsa, bir-bir oxuyum.
Sədrlik edən. Paylanmış mətndə onlar öz əksini tapıbsa, ehtiyac yoxdur.
Z. Səmədzadə. Millət vəkillərini – həmkarlarımı həm işçi qrupu, həm də Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin rəhbərliyi adından da əmin edirəm ki, paylanılan nüsxələrdə qalan müəyyən xətalar ikinci oxunuşdan sonra, şübhəsiz ki, aradan qaldırılacaqdır. Xüsusilə biz burada Valeh müəllimin redaktə xarakterli ciddi fikirlərini də nəzərə alacağıq.
Qanun layihəsi bütövlükdə mahiyyət və məzmununa görə beynəlxalq standartlara cavab verir. Beynəlxalq konfransda Avropa Birliyinin ən peşəkar mütəxəssisləri, – təbii ki, onların bütün dedikləri bizim üçün məqbul ola bilməz, – birmənalı şəkildə belə bir qanun layihəsinin Azərbaycanda qəbul edilməsinin vacibliyini dönə-dönə vurğuladılar və bu sahədə fəaliyyətimizi yüksək qiymətləndirdilər. Onlar da qeyd etdilər ki, belə bir qanunun qəbulu bu gün əlverişli iqtisadi inkişaf və investisiya mühitinə malik olan Azərbaycanda qiymətli kağızlar bazarına öz təsirini göstərəcəkdir.
Sədrlik edən. Aydındır. Sağ olun, Ziyad müəllim. Hörmətli deputatlar, mən artıq qeyd etdim, bu qanun layihəsi ikinci oxunuşda müzakirə olunur. Ona görə, xahiş edirəm, qanun layihəsini əsas kimi qəbul edək, sonra müzakirəyə keçərik. Buyurun, qanun layihəsinin ikinci oxunuşda əsas kimi qəbul edilməsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.57 dəq.)
Lehinə  89
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0  
İştirak edir  89
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Qanun layihəsinin müzakirəsinə keçirik. Vahid Əhmədov.
V. Əhmədov. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! İnvestisiya fondları haqqında qanun layihəsini komitədə geniş müzakirə etmiş və bir sıra təkliflərimizi də vermişik. Onların bəziləri qəbul olunub, qalanlarının üzərində indi də iş gedir.
1999-cu ildə Milli Məclis tərəfindən belə bir qanun qəbul olunub və o sənəd 11 il ərzində qüvvədə idi. Keçən müddət ərzində istər beynəlxalq, istərsə də Azərbaycan iqtisadiyyatında çox ciddi dəyişikliklər baş verdiyi üçün qanunun yenidən işlənilib qəbul edilməsinə böyük ehtiyac yaranıb. O vaxt qanun qəbul ediləndə Azərbaycanda yalnız səhmdar cəmiyyətlər fəaliyyət göstərirdi. Bu qanun da səhmdar cəmiyyətlərin inkişafı üçün əsas hüquqi sənəd sayılırdı. Qiymətli kağızlar bazarı hal-hazırda deyərdim ki, dünyada ümumi daxili məhsulun təxminən 10 faizini təşkil edir.
Azərbaycanda bu gün 1700-ə yaxın səhmdar cəmiyyət var, amma onların vəziyyətinə, quruluşuna nəzərə salsaq, görərik ki, bu gün həmin səhmdar cəmiyyətlərin az hissəsi fəaliyyət göstərir. Əksəriyyəti ya bağlanıb, ya da dividend vermir, əhaliyə yardım göstərmir. Mən belə hesab edirəm ki, bu qanun layihəsinin qəbul edilməsi həmin cəmiyyətlərin inkişafına da müəyyən qədər təsir göstərəcək. Yaxşı olar ki, ümumiyyətlə, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, o cümlədən İqtisadi İnkişaf Nazirliyi səhmdar cəmiyyətlərin fəaliyyəti ilə əlaqədar müəyyən iclaslar keçirsin və mövcud nöqsanları aşkar edib üzə çıxarsınlar.
İnvestisiya fondları haqqında qanun layihəsində bir sıra məqamlar var ki, mən onlara toxunmaq istəyirəm. İnvestisiya fondları tək pulla yox, həm də əmlakla, yəni paylı investisiya fondları şəklində fəaliyyət göstərə bilər. Bu, müsbət haldır.
6-cı maddədə səhmdar investisiya fondlarının idarəetməsində fonda əlavə səlahiyyətlərin verilməsinə, mənə elə gəlir ki, ehtiyac yoxdur, çünki səhmdar cəmiyyət haqqında qanunvericilikdə nəzərdə tutulur ki, bu, yəni səhmdar investisiya fondları o cəmiyyətin bir formasıdır. Ona görə əlavə səlahiyyətlərin verilməsinə, mənə elə gəlir ki, bir daha baxmaq lazımdır.
11-ci maddədə paylı investisiya fondunun paylarının 50 faizdən artıq olmasına icazə vermirik. Bunun əsas məqsədi ondan ibarətdir ki, həm Azərbaycan əhalisinin, yəni respublikanın pullu, imkanlı adamlarının, həm də xaricdən gələn insanların bu investisiya fondlarının yaranması üçün öz paylarını qoymağa imkanları yaransın və bunu edə bilsinlər. Nəyə görə 50 faiz miqdarında saxlanılır, bu, bir qədər aydın deyil. Yəni 60, 70, 80 də ola bilərdi. Bəlkə 3 nəfərdən ibarət investisiya fondu yaradacaq, vəsaitlərini ora qoyacaqlar. Belə bir sərhədin qoyulması həmin insanların bura əlavə vəsait cəlb etmələrinə maneçilik yaradır.
23-cü maddənin ikinci hissəsində idarəçi fondun aktivlərinin bazar dəyərinin artması və ya azalması nəticəsində payın cari dəyərinin dəyişməsinə görə pay sahibləri qarşısında heç bir cavabdehlik daşımır. Bilirsiniz, bizdə müstəqillik dövründə baş verən hadisələr, bir sıra fondların yaradılması, sonra elə həmin insanların yaratdıqları fondları bağlaması, buna görə heç bir cavab verməmələri müəyyən neqativ hallara gətirib çıxarmışdı. Ona görə də idarəçi əgər fondu idarə edirsə, o fondun daxilində hadisələr baş verirsə, sabah onlar bağlananda və ya dəyər aşağı düşəndə, mənə elə gəlir ki, idarəçilikdə cavabdehliyi saxlamaq lazımdır. Qoy idarəçilik sonda cavab versin.
Banklarda da belə bir vəziyyət yaranırdı. Bank heç bir məsuliyyət daşımırdı, nəticədə insanların əmanətləri banklarda batırdı. Biz məcbur olduq, əmanətlərin sığortalanması haqqında qanun layihəsini Milli Məclisə çıxardıq və o qanunu qəbul etdik. O da çox ciddi məsələ idi.
Üçüncü, ən ciddi məsələ ofşor zonaları ilə əlaqədardır. Belə hadisələr Türkiyədə də olmuşdu. Orada fondlar yaradılanda geniş nəzarət forması olmadı və insanlar öz vəsaitlərini, demək olar ki, Yunanıstana və digər dövlətlərə qoymağa məcbur oldular. Ona görə də ofşor zonalarda hansı şəraitin necə aşkar ediləcəyi, siyahıların nə cür müəyyənləşdiriləcəyi çox çətin məsələdir. Ofşor zonalarda bu gün onsuz da açıq-aydın bilinir ki, kapitalı, varidatı olan insanlar vəsaitlərini, əsasən, onların vasitəsi ilə reallaşdırırlar. Biz bu məsələni bir neçə dəfə Milli Məclisdə qaldırmışıq. Ümumiyyətlə, bu fondun normal işləməsi üçün kapitalın leqallaşdırılmasını həyata keçirmək lazımdır. İnsanlar bu vəsaiti indi nə yolla – əyri yaxud düz – qazanıblar. Bu kapital leqallaşmasa, Azərbaycanda fondların da normal fəaliyyət göstərməsi çox çətin olacaq.
Xarici investisiya fondları haqqında da bir-iki kəlmə demək istəyirəm. Burada xarici investisiya fondlarının yaranması üçün çox ciddi şərtlər qoyulur. Elə maneələr yaradılıb ki, onunla xarici investisiya fondlarının yaradılması çətinləşir. Məsələn, xarici investisiya fondu yaradan şəxs öz dövlətindən razılığını alıb, gəlib burada onu yaratmalıdır. Hansı dövlət deyər ki, sən get, kapitalını xaricə qoy, mənim ölkəmə qoyma? Yəni burada ciddi məqamlar həddindən artıq çoxdur, onlara fikir vermək lazımdır. Bu qanunun təşviqata, reklama çox böyük ehtiyacı var. Milli mətbuatda, televiziya ekranlarında bu qanun qəbul ediləndən sonra onun təşviqatına çox ciddi yanaşmaq lazımdır ki, kapitala sahib və belə fondların yaranmasında maraqlı insanlar onu başa düşsünlər.
Bu qanun, Ziyafət müəllim, Azərbaycan iqtisadiyyatı üçün çox vacibdir. Onun dili, Ziyad müəllim də dedi, həddindən artıq ağırdır. Biz iqtisadçılar bunu bir neçə dəfə müzakirə etsək də, maddələri çox çətin başa düşürük. Dilin üzərində işləmək lazımdır. Mən millət vəkillərini bu qanunun lehinə səs verməyə çağırıram. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, Vahid müəllim. Nazim Məmmədov.
N. Məmmədov. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Vahid müəllim bir sıra məsələləri artıq ifadə etdi. Düzdür, Azərbaycanda buna bənzər qanun qəbul edilsə də, 11 ildə işlək olmayıbdır. Ümid edirik ki, işlənmiş yeni varianta bir çox yeni anlayışların gətirilməsi, onların daha izahlı şəkildə cəmiyyətə təqdim edilməsi hər halda səmərə verəcəkdir.
Azərbaycanda özəlləşmə prosesi hələ davam edir. Əhalinin əlində qalmış səhmlər hələ dövriyyədən çıxarılmamışdır. Onların vaxtı hər halda cəlbedici investisiya fondları yaradılmasından ötrü hələ ilin axırına, yaxud sonrakı aylara qədər uzadılacaq. Yəqin ki, vaxtın hələ 1 il uzadılmasına ehtiyac var. Bu müddətdə iqtisadi fəaliyyətlə məşğul olmayan insanların əlində qalmış səhmlərdən də istifadə ediləcəkdir. Bununla yanaşı, hesab edirəm ki, səhmdar cəmiyyətlərin korporativ idarəetmə mədəniyyətini artırmaq üçün təkcə Mülki Məcəllə və “Səhmdar cəmiyyətlər haqqında” Qanunla kifayətlənməməliyik. Elitar səhmdarların hüquqlarının qorunması ilə bağlı qanunvericilik baxımından Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin səlahiyyətləri bir az da genişləndirilməlidir. Hesab edirəm ki, bu haqda komitə özü də müəyyən təkliflərini verə bilər. İnsanların dividendlər alması səhmdar cəmiyyətlərin özlərinin idarə edilməsi ilə bağlı bir çox məqamlarda neqativ hallara son qoya bilər. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Hesab edirəm ki, Vahid müəllimlə Nazim müəllimin dedikləri təkliflər, qeydlər, yəqin, üçüncü oxunuşa qədər nəzərə alınacaq. Ziyad müəllim buradadır, o da təkliflərinizi eşitdi. Ziyad müəllim, xahiş edirəm, bunları, xüsusilə dil ilə bağlı məsələləri nəzərə alasınız. Buyurun, Valeh müəllim.
V. Ələsgərov. Çox sağ olun, Ziyafət müəllim. Məndə bir az narahatlıq yarandı, istəyirəm, bir-iki kəlmə söz deyim. Əgər biz statusundan asılı olmayaraq, hər tərəfdən məhdudiyyət qoyaraq, məsələdə maraqlı olan insanların hüquqlarını qoruyaraq, sığorta edərək qanunu bu şəklə gətirsək, o fondlar bundan 11 il sonra da işləməyəcəklər. Səbəbini mən deyim.
İnvestisiya fondlarının başqa maliyyə fəaliyyətlərindən fərqi ondan ibarətdir ki, kim isə evində rahat oturub pul qazanmaq istəyir. O, aparıb banka depozit qoyur, onunla 3 faiz, 5 faiz qazanıb rahat da yaşayır. O adamın heç bir qorxusu da yoxdur, çünki dünya dağılsa, pulu qayıdacaq. Daha riskli bir fəaliyyət dövrünə daxil olmaq istəyən bir başqası üçün 3 faiz, 5 faiz illik qazanc yetərli deyil. Ya da onun xasiyyətində rahat yatıb yemək meyili yoxdur, riskə getmək istəyir. Həmin şəxsi 5-dən artıq, yəni 7, 10 faiz qane edir. Kim isə də deyir ki, bu il 50 faiz itirərəm, gələn il 150 faiz qazanaram.
Maliyyəsi, pulu, vəsaiti olan insanlar bu cür fondlara müraciət edirlər. Əgər biz fondlara hər tərəfdən məhdudiyyət qoysaq, onları risklərdən qurtarmaq üçün yeni-yeni anlayışlar, normalar müəyyənləşdirsək, onlar çalışmayacaqlar. Bu gün dövriyyədə maliyyə vəsaitləri olan fondlar bildiyimiz, tanıdığımız qeyri-risklilərdir. Banklar onlardan qat-qat artıq riskə getmək istəyir. Bu gün qazanmaq, sabah uduzmaq, ola bilsin ki, hətta 10 il bu qaydada fəaliyyət göstərmək onların iş prinsipidir. Hər şey ola bilər.
Ona görə mənim bir xahişim var, Ziyad müəllim. Ya fondları yaratmaq lazım deyil, ya da ki, bütün beynəlxalq təcrübədə olduğu kimi bunları ortaya gətirmək riskli olmalıdır. Risk etmək istəyən insanlar sərbəst hərəkət etməlidirlər və onların minimum məhdudiyyəti olmalıdır. Dövlət maraqlarına, dövlət maliyyə sisteminə ziyan vurmamaq şərti ilə o adamlar sərbəst çalışmalıdırlar. Başqa cür olsa, bu fondlar 11 il, 20 il – qanun da olsa – fəaliyyət göstərə bilməzlər.
Qanun layihəsinin dili ilə əlaqədar mənim də bəzi iradlarım var. Hüquqi cəhətdən mürəkkəb şəkildə yazılmış dili siz sadələşdirsəniz, qanunun içindəki əsas məzmun, terminologiya pozula bilər. Redaktə cəhətdən düzəlişlər vermək düzgündür, ancaq qanunun dilini sadələşdirərkən bizim qəbul etdiyimiz səviyyəyə, qanunun içində olan önəmli məqamlara xətər toxunulmamalıdır. Məğzi itsə, o qanun işləməyəcək. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, Valeh müəllim. Əgər başqa çıxış etmək istəyən yoxdursa, xahiş edirəm, qanun layihəsi ikinci oxunuşda müzakirə olunduğuna görə biz onu fəsillərlə səsə qoyaq. Əgər etiraz etmirsinizsə, 11 fəsildən ibarət qanun layihəsini qruplaşdıraq, I–V və VI–XI fəsilləri ayrı-ayrılıqda səsə qoyaq. Olarmı? Xahiş edirəm, I–V fəsillərə münasibətimizi bildirək.

Səsvermənin nəticələri (saat 13.11 dəq.)
Lehinə  95
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0  
İştirak edir  95
Nəticə: qəbul edildi

Qəbul edildi, çox sağ olun.
VI–XI fəsillərə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.11 dəq.)
Lehinə  90
Əleyhinə  1
Bitərəf  0
Səs vermədi  1  
İştirak edir  92
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Nəhayət, qanun layihəsinə bütövlükdə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.12 dəq.)
Lehinə  94
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0  
İştirak edir  94
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti iclasda görüşənədək.

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi