2010-ci il 13 oktyabr tarixli iclasın stenoqramı

ÜÇÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
XVI  SESSİYASI  İCLASININ

PROTOKOLU  №  150

Milli  Məclisin  iclas  salonu.
13  oktyabr  2010-cu  il.  Saat  12.

Milli  Məclisin  Sədri
O. Əsədov  sədrlik  etmişdir


İclasda Milli Məclisin 110 deputatı iştirak etmişdir.

İclasa dəvət olunmuşlar:

Samir Şərifov, Azərbaycan Respublikasının maliyyə naziri.
Fazil Məmmədov, Azərbaycan Respublikasının vergilər naziri.
Şahin Mustafayev, Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri.
Natiq Əliyev, Azərbaycan Respublikasının sənaye və ener-getika naziri.
Əbülfəs Qarayev, Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri.
Aydın Əliyev, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri.
Qərib Məmmədov, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri.
Kərəm Həsənov, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sədri.
Arif Vəliyev, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri.
Elman Rüstəmov, Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin sədri.
Səlim Müslümov, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri.
Şahmar Mövsümov, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru.
Heydər Əsədov, Azərbaycan Respublikası Hesablama Palatasının sədri.
Adil Məhərrəmov, Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini.
Cəfər Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Nazim Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Vaqif Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Mehriban Əlişanova, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Şahin Sadıqov, Azərbaycan Respublikası Nazirlər Kabinetinin İqtisadiyyat və maliyyə-kredit siyasəti şöbəsinin müdiri.
Raqim Lətifov, Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini.
Musa Pənahov, Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini.
Natiq Məmmədov, Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini.
İsgəndər İsgəndərov, Azərbaycan Respublikası təhsil nazirinin müavini.
Elmir Vəlizadə, Azərbaycan Respublikası rabitə və informasiya texnologiyaları nazirinin müavini.
İlham Quliyev, Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini.
Natiq Əmirov, Azərbaycan Respublikası vergilər nazirinin müavini.
Abbas Vəliyev, Azərbaycan Respublikası səhiyyə nazirinin müavini.
İsmayıl İsmayılov, Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini.
Sədaqət Qəhrəmanova, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
2. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2011-ci il büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
3. Azərbaycan Respublikasında 2011-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
4. Azərbaycan Respublikasında 2011-ci il üçün ehtiyac meyarının həddi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
5. “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında”, “Sosial sığorta haqqında”, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarına və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavə edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
6. Azərbaycan Respublikası Milli Məclisinin 2011-ci il üçün xərclər smetası haqqında.
7. Azərbaycan Respublikası Hesablama Palatasının 2011-ci il üçün xərclər smetası haqqında.

* * *

Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında qanun layihəsinin və büdcə zərfinə daxil olan digər qanun layihələrinin müzakirəsi başa çatdırılmış, eləcə də Azərbaycan Respublikası Milli Məclisinin 2011-ci il üçün xərclər smetası haqqında və Azərbaycan Respublikası Hesablama Palatasının 2011-ci il üçün xərclər smetası haqqında qərar layihələri müzakirə edilmişdir.


Azərbaycan  Respublikası
Milli  Məclisinin  Sədri                                   O.ƏSƏDOV
 

 


MİLLİ  MƏCLİSİN  İCLASI

13  oktyabr  2010-cu  il.  Saat  12.

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir


Sədrlik edən. Xoş gördük, hörmətli hökumət nümayəndələri, hörmətli Milli Məclis üzvləri, media nümayəndələri! İclasımızı davam etdiririk. Xahiş edirəm, millət vəkilləri qeydiyyatdan keçsinlər.

Qeydiyyat (saat 12.07 dəq.)
İştirak edir  110
Yetərsay  83

Çox sağ olun, yetərsay var, iclasımıza başlaya bilərik. Dünən millət vəkillərinin yazıldığı siyahı ilə davam edirik. Buyurun, Musa Quliyev.
M. Quliyev. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! 2011-ci ilin büdcə layihəsi sənədlərinin öyrənilməsi, eləcə də dünənki müzakirələr bu qənaətə gəlməyə əsas verir ki, 2011-ci ilin büdcəsi bizim neçə illərdən bəri başladığımız sosial-iqtisadi inkişafımızın dinamik şəkildə uğurlu davamını təmin etməyə imkan verən bir büdcədir. Büdcədə nəzərdə tutulan xərclərin analizi göstərir ki, gələn ildə də Azərbaycan xalqının sosial rifahı yüksələcək, iqtisadiyyatımızın şaxələnmiş və balanslaşmış şəkildə dinamik inkişafı təmin olunacaq, iqtisadiyyatda maliyyə proseslərinin şəffaflığı artacaq, səmərəliliyi yüksələcək.
Gələn ilin büdcəsi, burada qeyd edildiyi kimi, investisiya yönümlü və sosial yönümlüdür. Gələn ilin büdcəsində sosial məsrəflərə ayrılan xərclərin 33,1 faizə qaldırılması bir daha onu göstərir ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev başda olmaqla Azərbaycan iqtidarı Azərbaycan xalqının sosial rifah halının yüksəlməsini öz daxili siyasətinin prioritet istiqaməti kimi görür və bu sahədə əlindən gələni edir.
Düşünürəm ki, investisiya proqramlarının, sosial proqramların gələn il də həyata keçirilməsi Azərbaycanın bir dövlət kimi qüdrətinin artmasına, beynəlxalq nüfuzun yüksəlməsinə gətirib çıxaracaqdır. Xüsusilə sosial sahənin proqramlar şəklində maliyyələşməsi öz uğurlu nəticələrini verməkdədir. Təhsil sahəsində 14, səhiyyə sahəsində 10 dövlət proqramının qəbul olunması və əsas ictimai əhəmiyyət kəsb edən sahələrin dövlət proqramları çərçivəsində maliyyələşməsi bu sahədəki problemlərin aradan qaldırılmasına, səmərəli nəticələr əldə edilməsinə gətirib çıxarır.
Səhiyyədəki dövlət proqramlarından danışarkən iki təklifimi hörmətli hökumət üzvlərinin nəzərinə çatdırmaq istəyirəm. Bilirsiniz ki, kardio-cərrahiyyə sahəsi son illərdə inkişaf eləyən və insanı birbaşa ölümdən qurtaran sahələrdən biridir. Azərbaycanda bu sahə özəl sektorda inkişaf etməsinə baxmayaraq, təəssüf ki, indiyə qədər dövlət səhiyyəsində kardio-cərrahiyyə işi lazımi səviyyədə deyildir. Amma sevindirici haldır ki, Səhiyyə Nazirliyi yeni bir kardiocərrahiyyə mərkəzi təşkil etmişdir. Həmin mərkəz ən müasir avadanlıqla təchiz olunmuşdur və bu yaxınlarda onun açılışı olacaqdır. Burada həm uşaqların, həm də böyüklərin açıq qəlb əməliyyatlarının dövlət vəsaiti hesabına aparılması mümkün olacaqdır. Bu çox tutumlu bir iş olduğuna və maliyyə xərci tələb etdiyinə görə, təklif edirəm ki, növbəti illərin büdcəsi tərtib olunarkən kardiocərrahiyyə problemləri də dövlət proqramı şəklində maliyyələşdirilsin. Bilirsiniz ki, özəl sektorda bu çox bahalı əməliyyatdır və təxminən 6–10 min manat arasında dəyişir. Amma bu, dövlət tərəfindən maliyyələşərsə, həm xərc aşağı olar, həm də insanlara konkret köməklik göstərilə bilər.
Digər bir təklifim Hepatit B və S xəstəliklərinin dövlət proqramı çərçivəsində maliyyələşməsi ilə bağlıdır. Sirr deyil ki, bu, artıq dünyada epidemiya şəklini almış qorxulu bir xəstəlikdir və bir çox ölkələrdə bu xəstəliklə bağlı dövlət proqramları qəbul olunur və bu xəstəliyin müalicəsi dövlət tərəfindən xüsusi diqqətlə izlənilir. Təklif edərdim ki, növbəti dəfə büdcəmiz tərtib olunarkən hepatitlərin də bu sıraya salınması nəzərə alınsın.
Eyni zamanda, mən icbari tibbi sığortanın genişləndirilməsini təklif edərdim, çünki artıq dördüncü ildir ki, icbari sığorta ilə bağlı maliyyə vəsaitləri ayrılır, pilot rayonlar təşkil olunur və artıq kifayət qədər təcrübə toplanılıb. Yaxşı olardı ki, gələn ildən dövlət qulluqçularının və millət vəkillərinin icbari tibbi sığortaya cəlb olunması ilə bağlı bir proqram hazırlanardı və həyata keçirilərdi.
Çıxışımın sonunda mən hörmətli deputat həmkarım İsa Həbibbəylinin qaldırdığı məsələyə toxunmaq istəyirəm. Naxçıvana gedən təyyarələrin dəyişdirilməsi çox ciddi zərurətdir. Gəlin, elə eləyək ki, gecikməyək və peşmançılıq olmasın. Hamınıza uğurlar arzulayıram.
Sədrlik edən. Sağ olun. Nəsib Nəsibli.
N. Nəsibli. Hörmətli Sədr, hörmətli millət vəkilləri, Azərbaycan hökumətinin hörmətli üzvləri! Çox istərdim ki, ürəklə “bu layihə millətimiz və dövlətimiz üçün xeyirli olsun” – deyim. Amma istəklə iş bitmir. Yumşaq desək, bir sıra şübhələr, suallar ortaya çıxır. Ən böyük məsələlərdən biri neftə bağlılığın ifrat həddə çatmasıdır. Hər il büdcə zərflərində hədəflər sırasında iqtisadiyyatın neft sektorundan asılılığının azaldılması qeyd olunur. Builki büdcə sənədində də eyni hədəf qoyulub. Məsələn, birinci zərfdə səhifə 5-də bu yazılıb. Amma cari vəziyyətin təhlili göstərir ki, bu strateji xətt iflas edib. Dövlət Neft Fondundan 260 milyon manatla başlanan ayırmalar bu il rekord səviyyəyə – 6,5 milyard manata çatıb. Bu o deməkdir ki, vergilərlə birlikdə büdcə aşağı-yuxarı 80–85 faiz neftdən asılıdır. Bu, qırmızı xətti keçmək deməkdir.
Təsadüfi deyil ki, həm komitələrin birgə iclasında, həm də dünənki çıxışlarda bu məsələyə toxunuldu. Hətta ANS kanalı belə bu məsələdən danışmağa cürət etdi. Təəssüf ki, müzakirələr bu ciddi problemə adekvat şəkildə keçirilmədi. Məsələ o qədər ciddidir ki, onu ifrat sadələşdirmək, açıq desək, bayağılaşdırmaq olmaz.
Neftdən ifrat asılılıqdan danışaq. Fərqli fikir söyləyən hər kəsə cavab olaraq deyilir ki, neft bizim sərvətimizdir, ondan istifadə edirik, burada təəccüblü nə var ki? Hətta deyilir ki, onu gələcək nəsillər üçün saxlayası deyilik ki? Əslində, heç kəs neft gəlirlərini Dövlət Neft Fondunda saxlamağın, ya da neft quyularının ağzını bağlamağın tərəfdarı deyil. Neft bizim milli sərvətimizdir, ondan əldə edilən gəlirdən, əlbəttə, istifadə etmək lazımdır. Amma dediyimiz ifrat bağlılıq niyə təhlükəlidir?
Birinci təhlükə. İqtisadi və siyasi infrastrukturu böyük neft gəlirlərinə hazır olmayan ölkələrin hamısında bu amil disproporsiyaya, disbalansa səbəb olur. Həmin ölkələrdə ifrat arxayınçılıq, daha dəqiq desək, tənbəllik, hətta fikir tənbəlliyi, israfçılıq, qrantamaliya xəstəliyi yaradır. Bu gün Azərbaycanda bunların hamısı var və ildən-ilə artıb dərinləşməkdədir. Əslində, biz istehsal etmədən istehlaka aludə millətə və dövlətə çevrilirik.
İkinci təhlükə neft gəlirlərindən səmərəli istifadə problemi ilə bağlıdır. Dünya təcrübəsi göstərir ki, təhsil və istehsal infrastrukturu ən səmərəli istifadə sahəsidir. Yollar, körpülər baha başa gəlir. Bəzi hallarda keyfiyyətsizdir, amma zəruri işlərdir. Ən pis vəziyyət elm və təhsil sahəsindədir. Yeni büdcəyə görə təhsil sahəsinə keçən ildəkinə nisbətən 7 faiz çox vəsait ayrılır. Bu o deməkdir ki, vəziyyət cəmi 7 faiz dəyişəcək. Amma vəziyyət necədir? Sitat: “Ali məktəblərin kafedraları və elmi institutlar, otaq, kompüter və surət çoxaldan texnika qıtlığından əziyyət çəkir, müxtəlif elmi jurnallar almaqda böyük çətinliklərlə qarşılaşırlar”. İkinci misal: “Əgər Prezident Administrasiyasına işə qəbul etmək üçün savadlı hüquqşünas tapa bilmiriksə, təkcə bu, hazırlığın hansı səviyyədə olmasından xəbər verir”. Bu, keçən il hörmətli akademik Ramiz Mehdiyevin məqaləsindən gətirdiyim sitatlardır.
Dünən komitələrin iclaslarında da deyildi, əlbəttə ki, o fikirlərin bəzilərinin həqiqət tərəfi var. Bu gün bu məsələlərə fikir verməmək Azərbaycanı çox böyük böhran qarşısında qoya bilər. Bu gün bu sahədə bir dinləmələrin, müzakirələrin keçirilməsi fikri, məncə, o qədər də faydalı ola bilməz, çünki burada, adətən, çox faydalı müzakirələr olmur. Mən təklif edirəm, Azərbaycan hökuməti bu məsələ ilə bağlı müzakirələr keçirsin, çünki son illərdə Dünya Bankı da, müstəqil ekspertlər də bu məsələ ilə bağlı böyük həyəcan təbili çalırlar. Amma təəssüflər olsun ki, bu büdcə layihəsində biz həyəcan təbillərinə cavab tapmırıq. Əlbəttə, digər məsələlər də var, amma Azərbaycanın ən böyük məsələsi bu olduğundan fikrimi yekunlaşdırıram.
Sədrlik edən. Sağ olun. Aydın Mirzəzadə, buyurun.
A. Mirzəzadə. Təşəkkür edirəm, Oqtay müəllim. Hörmətli deputat həmkarlarım, hörmətli hökumət üzvləri! Bizə təqdim edilmiş 2011-ci il dövlət büdcəsinin layihəsini diqqətlə nəzərdən keçirdikdə onun çox balanslaşdırılmış və günün bütün nüanslarını nəzərə alan ciddi bir sənəd olduğunun fərqinə varırıq. Dövlət büdcəsi çox çətin bir şəraitdə hazırlanır. Azərbaycan dünya iqtisadiyyatının ayrılmaz bir hissəsidir. Artıq iki ildən çoxdur ki, dünyada böhran davam edir və bu böhrandan nə vaxt çıxılacağının proqnozları görünmür. Amma bununla belə, bu böhran Azərbaycan iqtisadiyyatına, Azərbaycan vətəndaşının həyatına bir o qədər ciddi təsir etmədi. Azərbaycan vətəndaşı öz həyatında həmin böhranın ağırlıqlarını düzgün aparılmış pul-kredit siyasəti nəticəsində hiss edə bilmədi.
Azərbaycan torpaqlarının 20 faizi işğal edilib və Azərbaycan özünün büdcəsinin əsaslı bir hissəsini silahlı qüvvələrin saxlanmasına və ölkənin müdafiəsinin möhkəmləndirilməsinə, torpaqların işğaldan azad olunmasına yönəltməlidir. Büdcənin böyük bir hissəsi buna gedir. Büdcə bunun da öhdəsindən gələ bildi və hesab edirəm ki, bu gün Azərbaycan ordusunun regionda ən böyük, ən güclü ordu olması qarşıya qoyulan vəzifənin yerinə yetirilməsidir.
İqtisadiyyatın bütün sahələrinin, sahibkarlığın inkişafı ilə bağlı hökumətin apardığı siyasət məhz büdcəyə söykənmə faktına görə uğurlu olub. İldən-ilə Azərbaycan büdcəsində qeyri-neft sektorundan daxil olan ayırmaların sayı artmaqdadır. Bu gün Azərbaycanda savadlı, dünya standartlarına cavab verən, büdcə hazırlamaq praktikası olan bir komanda artıq formalaşıb. Mən qeyd edim ki, Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Milli Bankın birgə səyləri nəticəsində ildən-ilə Azərbaycanın maraqlarına cavab verən büdcənin şahidi oluruq. Təəssüf ki, soyadını bilmirəm, Maliyyə Nazirliyinin şöbə müdiri Fazil müəllimin və onun komandasının da burada böyük əməyi vardır.
Büdcə bu günün tələblərinə cavab verir. Düzdür, bizim təkliflərimiz, qaldırdığımız məsələlər kifayət qədər çoxdur, amma prioritet məsələlər var. Həmin prioritet məsələlər infrastrukturun yaradılmasıdır, Azərbaycanın beynəlxalq aləmdə fəal xarici siyasət yeritməsidir, müdafiə qabiliyyətinin yüksəldilməsidir, sosial məsələlərin həllidir. Bu prioritet məsələlər bir-biri ilə bağlı şəkildə və eyni zamanda, Azərbaycanın birbaşa ancaq öz resurslarına söykənməsi nəticəsində mümkün ola bilər.
Dövlət Neft Fondundan istifadə edilmə praktikasını mən düzgün sayıram. Bir anda fikirləşək ki, biz 6 milyard manatı Azərbaycan büdcəsinə transfer etmirik. 9 milyard qalır. 9 milyard manat Azərbaycan kimi bir ölkə üçün normal bir büdcədir. Amma həmin 6 milyardı hər hansı bir bankda saxlamaqla nə əldə edəcəyik? Yaxud da onu büdcəyə köçürməklə nə əldə edəcəyik? Hər ikisinin plyus, minusunu hesablayanda biz o ayırmanın müsbət təsirini görürük. Bu, infrastrukturun yaradılmasıdır, bir sıra sosial məsələlərin həll edilməsidir. Bu, Azərbaycanın xaricdə səfirliklərinin açılmasıdır. Bu, sahibkarlığın inkişafı məsələsidir. Büdcənin ildən-ilə neftdən asılılığının azalması, mənə elə gəlir ki, neft pullarından səmərəli istifadə edilməsi nəticəsində mümkün ola bilər.
Büdcə ilə bağlı bir sıra təkliflər verildi. Hökumətin sosial məsələlərin həllində fəaliyyəti müsbət dəyərləndirilməlidir. İldən-ilə Azərbaycan vətəndaşının harada işləməsindən asılı olmayaraq sosial vəziyyətinin tədricən düzəldiyini görürük. Mən istərdim ki, hökumətin bundan sonra da prioritet istiqamətlərindən biri təhsildə və səhiyyədə çalışanların əmək haqlarının artırılması olsun. Düzdür, onların əmək haqqının bu gün birdən-birə əsaslı şəkildə artırılması müm-kün olan məsələ deyil. Amma bununla belə, mən çox istərdim ki, bu prioritet məsələ daim hökumətin, Maliyyə Nazirliyinin diqqətində olaydı. Biz əməyinə bu gün kifayət qədər yüksək məvacib verə bilmədiyimiz insanların əmək haqlarının artırılması məsələsini daim diqqətdə sax-ladığımızı fəaliyyətimizdə göstərməliyik. Büdcənin balan-slaşdırılmış, bugünkü tələblərə cavab verən bir büdcə olduğunu görürəm. Bu, aparılan dövlət quruculuğu siyasətinin məntiqi nəticəsidir. Bundan sonra da Azərbaycanda inkişafın bu cür düşünülmüş addımlarla arzu-ladığımız səviyyəyə çatacağına inanıram. Sağ olun.
Sədrlik edən. Çox sağ olun, Aydın müəllim. Buyurun, Səməd Seyidov.
S. Seyidov. Çox sağ olun, cənab Sədr. Hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri, xanımlar və cənablar! Bu gün biz çox mühüm və vacib bir sənədin müzakirəsində iştirak edirik. Gələn il üçün öz fəaliyyətimizi, respublikamızın inkişafı ilə bağlı məsələləri müzakirə edirik. Mən ilk öncə hökumət üzvlərinə, hörmətli maliyyə naziri Samir müəllimə minnətdarlığımı bildirmək istəyirəm. Burada gözəl, ətraflı çıxış edərək rəqəmlərlə bizə vacib olan məsələləri çatdırdılar. Biz keçən dəfə müzakirələrdə Azərbaycanın xaricdə fəaliyyətinin təşkil olunması ilə bağlı vəsaitin artırılmasını istəmişdik, təkliflərimizi vermişdik. Bu gün mən büdcəyə baxıram, hər bir maddə üzrə artım var. Həm Xarici İşlər Nazirliyinin, həm də Azərbaycanın xaricdə fəaliyyətinin təşkil olunması ilə bağlı Azərbaycan hökuməti öz səylərini ortaya qoyub. Misal üçün, burada bir neçə rəqəmi sizin nəzərinizə çatdırmaq istəyirəm. Azərbaycan səfirliklərinin və konsulluqlarının saxlanılmasına 51 milyon manat, Azərbaycanın xaricdə tədbirlər keçirməsi və Azərbaycanda beynəlxalq tədbirlərin keçirilməsi üçün 34 milyon manat vəsait ayrılmışdır. Bundan başqa, xaricdə Azərbaycanın imicini yüksəltmək istiqamətində tədbirlər üçün 15 milyon manat vəsait nəzərdə tutulmuşdur. Azərbaycanın xarici siyasətinə ayrılmış təxminən 100 milyon manata qədər vəsait çox böyük bir miqdardır. Bu miqdarın bizim büdcəmizdə öz əksini tapması, hesab edirəm ki, təqdirəlayiq bir məsələdir.
Əziz dostlar, əziz həmkarlar, siz bilirsiniz ki, Azərbaycan ildən-ilə səfirliklərinin sayını da artırır. Bu gün dünyada 66 səfirlik, nümayəndəlik, konsulluq fəaliyyət göstərir. Mən hörmətli millət vəkillərinin nəzərinə bir faktı çatdırmaq istəyirəm. Bunu komitənin iclasında da dedim. Bu gün dünyada iqtisadi böhran getdiyi bir zamanda hətta inkişaf etmiş bir ölkə, mən misal da çəkə bilərəm, məsələn, Avstriya bu yaxınlarda Azərbaycanda səfirlik açdığı halda başqa bir ölkədə səfirliyini bağlamaq məcburiyyəti qarşısında qalır. Bilir, başa düşür ki, Azərbaycan indi inkişaf edən ölkədir, burada səfirlik açmaq çox vacib, çox əhəmiyyətlidir. Ona görə də büdcəsinə baxaraq bir ölkədə səfirliyini bağlayaraq Azərbaycanda səfirlik açır. Azərbaycan bu siyasəti aparmır. Azərbaycan bütün ölkələrdə səfirliklərini açaraq, onların sayını gündən-günə artırır. Siz bilirsiniz ki, biz parlamentə təqdim etmişik, səfirliklərin, konsulluqların və nümayəndəliklərin sayı artırılacaq.
Biz keçən il də büdcə müzakirə olunarkən bir məsələyə müsbət münasibət bildirdik, bu il də müsbət münasibət bildiririk. Bu, Azərbaycanda yeni formasiyaya uyğun olaraq gənc nəslin formalaşdırılması istiqamətində təhsil problemləridir. Misal üçün, Diplomatiya Akademiyasının yaradılması yalnız Azərbaycan üçün yox, region üçün çox vacib bir məsələdir. Təhsil sistemimizin xarici əlaqələrinin inkişafı çox vacib və əhəmiyyətli bir məsələdir. Cənab Prezidentin fərmanına əsasən uşaqların xaricə göndərilməsi, beynəlxalq təşkilatlarla işin təşkil olunması məsələsi bu gün gündəmdə duran ən vacib məsələlərdən biridir. Mən misal üçün sizə bir rəqəm deyim. Bu il Avropa Birliyi tərəfindən Azərbaycan, Gürcüstan və Ermənistana təxminən 1 milyon 700 min avroluq layihələr ayrılmışdı. Onun 1 milyon 100 mini Azərbaycana gətirilib. Niyə? Ona görə ki, təhsil sis-temimizin Avropa standartlarına, dünya standartlarına uy-ğunlaşması prosesi sürətlə gedir. Mən bu yüksək tribunadan bəzi insanların bizim ali məktəblərimizdə, təhsil sistemimizdə yalnız problemləri görərək inkişafa fikir verməmələrinə cavab olaraq bunu deyirəm. Ümumiyyətlə, bu sənədin qəbul olunmasına tərəfdaram və əminəm ki, millət vəkilləri buna səs verəcəklər. Sağ olun.
Sədrlik edən. Çox sağ olun, Səməd müəllim. Buyursun Yevda Abramov.
Y. Abramov. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli hökumət üzvləri, hörmətli millət vəkilləri! Artıq ikinci gündür ki, ölkənin çox ciddi maliyyə sənədi olan, onun iqtisadi konstitusiyanı təşkil edən 2011-ci il dövlət büdcəsi layihəsini müzakirə edirik. Mən mətləbə keçməmiş birinci növbədə bu büdcəni ərsəyə gətirən, bizə bu şəkildə çatdıran bütün nazirlik, komitə və digər təşkilatların mütəxəssislərinə böyük minnətdarlığımı bildirirəm. Bəri başdan deyirəm ki, büdcəyə səs verəcəyəm və bütün həmkarlarımı bu büdcənin təsdiqinə səs verməyə çağırıram.
Təbiidir ki, belə ciddi sənədlər ətrafında debatlar olmalıdır. Oqtay müəllim, mən bir sıra fikirlərimi komitənin iclasında da demişəm. Bilirsinizmi, tənqid elə olmalıdır ki, ümumi işə xeyri olsun. 4–5 ildir ki, büdcənin müzakirəsi vaxtı elə həmin koordinatlardan tənqid olur. Deputat həmkarlarım, xüsusilə Siyavuş müəllim neft barəsində çox gözəl dedi. Mən bunu komitənin iclasında da demişdim, elə ölkələr var ki, orada ən xırda şeylər büdcəyə gəlir verir. İnvestisiyaların, gəlirlərin şəffaflığına gəldikdə isə bir daha bu mikrofondan elan edirəm ki, bu insanlar bir ətrafına fikir versinlər. 5 ildə, ondan əvvəlki illərdə görün, nə qədər işlər görülüb. Əsası ulu öndər tərəfindən qoyulan və cənab Prezidentin yaradıcılığı ilə inkişaf etdirilən iqtisadi inkişaf konsepsiyası öz bəhrələrini verir. Mən orada hətta yarızarafat şəklində dedim ki, əgər biz əvvəllər yüzlərcə, minlərcə obyektlərin açılışında qırmızı lentdən istifadə edirdiksə, artıq Naxçıvan təcrübəsində bayrağımızın ikinci rəngi olan mavi lentləri kəsirik. Böyük yaradanın köməyi ilə 2013–2018-ci illərdə üçüncü rəngdən – yaşıldan istifadə edəcəyik. Bəlkə onda bilərsiniz ki, bu gəlirlər, investisiyalar hara gedir. Mənə elə gəlir, siz onda ayılacaqsınız. Büdcə ən yüksək təriflərə layiqdir. İnkişaf dinamikası hiss olunur. Mən bu il büdcənin təqdimatında bir spesifik cəhətə çox fikir verdim. Çıxış edən maliyyə naziri, Milli Bankın sədri, Hesablama Palatasının sədri çox böyük inamla danışırdılar. Bu insanlar büdcənin rəqəmlərini avadanlığın harada olduğunu gözübağlı bilən ev sahibi kimi təqdim etdilər. Mən bunu heç belə təsəvvür etmirdim. Yəni bu insanlar bu büdcənin üzərində çalışıblar, ən real rəqəmləri çıxarıblar və tribunadan onu asanlıqla bizlərə təqdim etdilər. Bax, buna da fikir vermək lazımdır.
Büdcə sosial yönümlü büdcədir. İqtisadiyyatımızın inkiş-afı ilə paralel olaraq insanlara layiqli həyat tərzi vermək büdcənin ali məqsədidir. Bir vətəndaş kimi, bir millət vəkili kimi büdcəyə təkliflərim var. Ölkənin 2011–2013-cü illər üçün əsas inkişaf konsepsiyasında əsaslı vəsaitin qoyuluşunu bir az azaltmaq məqsədəuyğun olardı. Çünki keçən illər ərzində artıq infrastruktura dövlət tərəfindən kifayət qədər əsaslı vəsait qoyulub. İndi bu vəsaitin başqa işlərə xərclənməsi, xüsusilə sosial sahəyə, əmək haqlarının artırıl-masına yönəldilməsi daha yaxşı olardı. Biz gərək büdcədən maliyyələşən insanların əmək haqlarını artırmaq haqqında düşünək. Pensiyanın baza hissəsini, ehtiyac meyarını yaşayış minimumuna çatdıraq. İkinci, Sahibkarlığa Kömək Milli Fondunun verdiyi kreditlərin daha çox regionlara, xüsusilə bağçılığa...
Sədrlik edən. Çox sağ olun, Yevda müəllim. Mən bir şeyi demək istəyirəm. Bizim opponentlərin bəzilərinin çıxışları göz qabağındadır. Bu cür büdcədə bir dənə müsbət cəhət görmədilər. Bütün dünyanı bürüyən bu böhran dövründə Azərbaycan iqtisadiyyatının dayanıqlığı haqqında bir kəlmə demədilər. Yaqub Mahmudov buyursun.
Y. Mahmudov. Çox sağ olun, cənab Sədr. Hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri və mətbuat nümayəndələri! Mən hər şeydən əvvəl istəyirəm, hamı, xüsusilə deputat həmkarlarım bir həqiqəti qiymətləndirsinlər. Çox məmnunam ki, bu məsələ hər dəfə vurğulanır. Mən bir vətəndaş, Milli Məclisin üzvü olaraq qürur hissi keçirirəm ki, artıq bizim büdcə mədəniyyətimiz formalaşıb. Sentyabr ayının sonlarında Milli Məclisə büdcə zərfinin bütünlüklə daxil olması onu göstərir ki, ölkəmizdə maliyyə, iqtisadiyyatla məşğul olan sektorumuz peşəkar mütəxəssislərdən ibarətdir. Onlar ilin axırına 3 ay qalmış ar-tıq gələn ilin büdcəsini formalaşdıra və bununla əlaqədar konkret təkliflər verə bilirlər. Bu bizim oturuşmuş dövlət olduğumuzu göstərir və əlbəttə, biz bunu xüsusi qeyd etməliyik. Bu peşəkarlığa görə də mən öz tərəfimdən bu büdcə zərfini hazırlayanların hər birinə minnətdarlığımı bildirirəm.
Büdcənin özünə gəldikdə isə xüsusi qeyd etmək istəyirəm ki, büdcə Heydər Əliyev inkişaf strategiyasının daha bir il üçün hərtərəfli ölçülüb-biçilmiş çox güclü maliyyə təminatıdır. Bu büdcə də keçənilki büdcəmiz kimi yenə də təqdirəlayiqdir.
İkinci cəhət bundan ibarətdir ki, bu büdcədən ayrılan çox böyük vəsait Azərbaycan dövlətinin qüdrətini, ölkədə Prezident İlham Əliyevin başçılığı ilə aparılan iqtisadi islahatların uğurunu və bizim gücümüzü göstərir. Bu yerdə mən xüsusi qeyd etmək istəyirəm ki, ötən il büdcəni təsdiq edəndə də bəzi qüsurlar və nöqsanlar deyilirdi, amma biz o büdcəni qiymətləndirərkən arxayın idik ki, bir il daha irəli gedəcəyik.
Biz unutmamalıyıq ki, ötən il təbii fəlakətlərlə üz-üzə qaldıq. Mil–Muğan zonasındakı daşqınlar, dağ rayonlarında sel suları Azərbaycana böyük fəlakət gətirdi. Amma Azərbaycan dövləti ayaq üstə durmağı bacardı, heç bir ölkəyə əl açmadan baş verən dağıntıların, fəlakətlərin öhdəsindən gələ bildi. Evlər tikildi, bərpa işləri aparıldı və sair. Biz təbiətin törətdiyi fəlakətdən yaxa qurtara bildik. Bu baxımdan yeni büdcədə də bir təminat var ki, gələn il də Azərbaycan daha sürətlə irəli gedəcək.
Xüsusi qeyd etmək istəyirəm ki, təhsil, səhiyyə, mədəniyyət sahələrinə büdcədə xeyli vəsaitin artırılması Azərbaycan Prezidentinin insan kapitalına verdiyi önəmə cavab verir və bu, insan kapitalının formalaşmasına müsbət təsir göstərəcəkdir. Mən bunu elm sahəsinə də aid etmək istəyirəm. Elm xərclərinə 2010-cu illə müqayisədə 5,6 faiz çox vəsait ayrılıb. Sonra, Elmin İnkişaf Fondu vasitəsilə də xeyli işlər görüləcək. Bunların hamısı bizdə elmin inkişafına müəyyən təkan verəcəkdir. Mən maliyyə naziri Samir Şərifovun elmin inkişafı ilə bağlı konkret proqramlara əhəmiyyət verməsini alqışlayıram. Yəni vəsait elmdə o sahəyə ayrılmalıdır ki, orada konkret əsərlər nəşr olunsun. Bu baxımdan da biz dəfələrlə müraciət etmişik və dünyanın bütün ölkələrində Azərbaycan tarixinə aid olan sənədləri, ilk mənbələri Azərbaycana gətiririk. Parisdən, Londondan, Sankt-Peterburqdan, Berlindən – hər yerdən bizə gərəkli olan mənbələri əldə edirik. Yəni konkret təklif, layihə, pro-qram veriləndə o, maliyyələşdirilir. Mənə elə gəlir ki, bu yolla da işimizə davam etmək lazımdır. Belə olanda elmimiz də irəliyə doğru inkişaf edər.
Mən iki təklif vermək istəyirəm. Bunlardan biri, əlbəttə, gələcək üçündür. Azərbaycanın bütün tarixi dövrlərində ölkəmizin ayrı-ayrı regionlarındakı şəhərlərimiz – Bakı, Gəncə, Naxçıvan, Şəki, Lənkəran, xaricdə Dərbənd, İrəvan həmişə bizim mədəniyyətimizi, dövlətçiliyimizi irəli aparıb-lar. Ona görə də bu regionlara büdcə vəsaiti ayrılanda onlara, sadəcə, bir rayon kimi baxmaq doğru olmazdı. Yəni biz bu qədim şəhərlərimizi, abidələrimizi qorumalıyıq. Azərbaycan turizm ölkəsinə çevrilir. Biz gələnləri İçərişəhərə aparırıq, bu iri binaları göstərmirik. Ona görə də bu şəhərlərə xüsusi əhəmiyyət vermək lazımdır.
Neft məsələsində mənim mövqeyim bundan ibarətdir ki, Azərbaycanın sərvətidir və biz bu gün o sərvətdən istifadə etməliyik. Burada “neftdən istifadə etməyək” çağırışları Pentaqondakı çağırışlardan nə ilə fərqlənir? Silahlanmada da, digər sahələrdə də bundan istifadə etməliyik ki, Azərbaycan ayaq üstə dursun. Mən keçən dəfə maliyyə nazirindən xahiş etmişdim ki, bu elmi sıfırdan çıxarsın. Həqiqətən, çıxardı. 0,9 faizi idi, 1 faiz elədi. Mən Samir müəllimdən xahiş etmək istəyirəm ki, bu düzəlişlərdə onu 1 faizə qaldırsın. Büdcəyə səs verəcəyəm və həmkarlarımı da buna səs verməyə çağırıram. Sağ olun.

Azərbaycan  Respublikası  Milli  Məclisi  Sədrinin
birinci  müavini  Z. Əsgərov  sədrlik  edir

Sədrlik edən. Sağ olun, Yaqub müəllim. Şəmsəddin Ha-cıyev.
Ş. Hacıyev. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! İlk öncə mən də qeyd etmək istəyirəm ki, təqdim olunan sənəd – büdcə zərfi mövcud qanunvericiliyə tam müvafiq şəkildə tərtib olunmuş mükəmməl bir sənəddir. O, Azərbaycanın bugünkü iqtisadi və sosial inkişafının reallıqları, xüsusilə böhrandan sonrakı dövrdə dünya bazarında qərarlaşmış situasiya, inkişaf meyilləri, gözlənilən hədd dəyişiklikləri və perspektivlər nəzərə alınmaqla tərtib olunmuş mükəmməl bir sənəddir.
Büdcə realdır, elmi proqnozlara əsaslanır. Onun həm sosial, həm də investisiya yönümlüyünün saxlanılması təqdirəlayiqdir. Büdcədə elm və təhsilə, eləcə də hərbi xərclərə ayrılan vəsaitin artırılması təqdirəlayiqdir.
Hörmətli millət vəkilləri, büdcənin hazırlanmasında neftin dünya bazarında qiymətinin 60 dollardan götürülməsi də tamamilə düzgündür. Bu həm büdcənin gəlirlərinin formalaş-ması, həm də xərclərinin reallaşması üçün əvvəlcədən real təminat yaradır və büdcənin hər hansı bir qlobal dəyişikliklərə qarşı sığortalanmasına imkan verir. Müzakirə etdiyimiz büdcə layihəsi son 3 ildə qərarlaşmış bütün paritetlər nəzərə alın-maqla tərtib olunmuşdur. Mən deyərdim ki, 2011-ci ildə cüzi miqdarda nəzərdə tutulan 1,7 faiz büdcə kəsirinin də profisitlə başa çatacağını əvvəlcədən qeyd etməyə tam əsas verir. Bir faktı xüsusi qeyd etmək istəyirəm ki, artıq 3 ildir, ölkə Prezidentinin bilavasitə rəhbərliyi ilə hökumət, xüsusilə onun iqtisadi qurumları tərəfindən büdcə tərtibatı, büdcənin icrası, büdcə qanunvericiliyi sahəsində çox mükəmməl bir institusional sistem formalaşmışdır. Bu çox təqdirəlayiqdir.
Büdcə haqqında, onun gəlirləri və xərcləri haqqında düzgün təsəvvürə malik olmaq üçün bəzi rəqəmləri hörmətli millət vəkillərinin nəzərinə çatdırmaq istəyirəm. Qeyd olunduğu kimi, büdcənin gəlirlər hissəsi, əgər dollarla ifadə etsək, 15 milyard dollardan yüksək nəzərdə tutulur. Bu rəqəm 2003-cü illə müqayisədə təxminən 13,1 dəfə çoxdur. Büdcənin xərcləri isə bu dövr ərzində 14 dəfədən də çox artmışdır. Müqayisə üçün göstərək ki, builki büdcəmizdə nəzərdə tutulan büdcə gəlirlərinin həcmi Ermənistanın büdcə gəlirlərindən 7 dəfədən çox artıb, xərclərindən isə 6,2 dəfə çoxdur. 2011-ci ildə Azərbaycanın büdcə gəlirləri hər iki Cənubi Qafqaz respublikasının birlikdəki büdcə gəlirlərindən təxminən 2,5 dəfə, büdcə xərcləri isə 2,4 dəfə çoxdur. Bir faktı xüsusi vurğulamaq istəyirəm. Bu il Azərbaycanın hərbi büdcəsi bütünlükdə Ermənistan büdcəsinə bərabərdir. Mən bilən, heç bir şərhə ehtiyac yoxdur.
Bir neçə kəlmə dövlət büdcəsinə daxilolmalar, Dövlət Neft Fondundan transfertlər haqqında demək istəyirəm, çünki bu çox hallandırılan bir məsələdir. Nəzərinizə çatdır-maq istəyirəm ki, 2010-cu ilin büdcəsi müəyyənləşdirilərkən 5 milyard manata qədər transfert nəzərdə tutulmuşdu. Həmin dövrdə Dövlət Neft Fondunda olan vəsaitin ümumi həcmi 20 milyard dollar idi. Bu il artıq büdcə başa çatır və qeyd ol-undu ki, artıq Dövlət Neft Fondunda 26 milyard manata qədər vəsait gözlənilir. Növbəti büdcə ilində 6 milyarddan çox transfertin olmasına baxmayaraq, ilin sonunda həmin fondda vəsaitin həcminin 30 milyard manatdan yüksək ol-ması çox təqdirəlayiq bir haldır və bu, ölkənin davamlı ink-işafı üçün real təminat yaradan ən mühüm faktor kimi qeyd oluna bilər. Mən başa düşmürəm, hansı qırmızı xəttin keçilməsindən söhbət gedə bilər? Azərbaycanın iqtisadiy-yatının, sosial rifahının yüksəldilməsi üçün Dövlət Neft Fondundan düşünülmüş şəkildə vəsaitlərin ayrılması təqdir olunmalıdır.
Bir neçə kəlmə də elmə və təhsilə ayrılan vəsaitlə bağlı demək istəyirəm. Təbii ki, vəsaitlərin həcmi artır, lakin biz çox istərdik ki, Elm Fondunun bu iki il ərzində istifadə olunmamış vəsaitləri növbəti ilə əlavə olunsun.
Sədrlik edən. Sağ olun. Eldar İbrahimov.
E. İbrahimov. Hörmətli Ziyafət müəllim, hörmətli deputat-lar, hörmətli hökumət üzvləri! Ölkə iqtisadiyyatının güzgüsü olan dövlət büdcəsi hər il olduğu kimi, bu il də Azərbaycan cəmiyyətində böyük maraq doğurur. Bu məsələ ilə əlaqədar təqdim edilən materialların təhlili, hörmətli həmkarımız Ziyad Səmədzadənin və hörmətli nazirlərimizin verdiyi məlumatlar göstərir ki, Azərbaycan Respublikası öz dinamik və sabit ink-işafını 2011-ci ildə də uğurla davam etdirəcəkdir.
2011-ci il dövlət büdcəsinin gəlir hissəsinin ilbəil artan vəsaitlərinin yığılmasında Vergilər Nazirliyinin və Dövlət Gömrük Komitəsinin müsbət işlərini qeyd etmək yerinə düşərdi.
Hər şeydən əvvəl 2010-cu ilin proqnoz göstəricilərinə ar-tıqlaması ilə əməl edilməsi nəticəsində xərclərin və iqtisadi-yyatın bütün sahələri üzrə artımın nəzərdə tutulmasına möhkəm zəmin yaranmışdır. Bu da əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan sosial-iqtisadi siyasətin möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsinin nəticəsidir.
Dövlət büdcəsində ən çox maraq doğuran və hamının diqqətini özünə cəlb edən məsələlərdən biri sosial xərclərə ayrılan büdcə vəsaitinin artımıdır. Fərəhlə deyə bilərik ki, hər il olduğu kimi, 2011-ci ildə də hökumət bu sahəyə çox böyük qayğı göstərmiş və gələn ilin büdcəsində sosial yönümlü xərclərin xüsusi çəkisi 33,3 faiz təşkil etməklə 4 milyard 234 milyon manata çatmışdır. Bu isə cari illə müqayisədə 341,8 milyon manat və ya 8,6 faiz çoxdur.
Büdcə xərclərində yüksək xüsusi çəkiyə malik olan istiqamətlərdən biri də investisiya qoyuluşudur. Belə ki, gələn ilin dövlət büdcəsinin 42 faizi həcmində, yəni 5 milyard 358 milyon manat vəsait əsaslı xərclər üçün nəzərdə tutulur ki, bu da 2010-cu ilə nisbətən 357 milyon manat və ya 7,1 faiz çoxdur. Bu isə o deməkdir ki, Azərbaycan iqtisadiyyatı düzgün istiqamətdədir və büdcənin qeyd olunan strukturu ölkə əhalisinin sosial rifah halının yaxşılaşdırılmasına və uzunmüddətli davamlı inkişafa xidmət edir.
Mən Naxçıvan şəhərindən deputat seçildiyim üçün Naxçıvan Muxtar Respublikasına ayrılan büdcə vəsaiti məsələsinə də toxunmaq istərdim. Əvvəla, onu bildirirəm ki, Naxçıvan Muxtar Respublikası blokada şəraitində yaşadığı üçün ölkə büdcəsindən daha çox yardım almağa ehtiyacı vardır. Ən fərəhli cəhətlərdən biri ondan ibarətdir ki, dövlət büdcəsindən ayrılan vəsaitdən Naxçıvan Muxtar Respub-likası rəhbərliyinin yüksək işgüzarlığı və səyləri nəticəsində səmərəli istifadə olunur. Bu öz bəhrəsini istər iqtisadi, istərsə də siyasi məsələlərdə göstərir.
Türkdilli Dövlət Başçılarının Sammitinin Naxçıvanda keçirilməsi, Prezident cənab İlham Əliyevin Minsk qrupu həmsədrlərini Naxçıvanda qəbul etməsi, Naxçıvanda minik avtomobillərinin istehsalına başlanması və digər yeni yaradılmış istehsal sahələri dediklərimizə əyani sübut ol-maqla Naxçıvan Muxtar Respublikasının beynəlxalq imicinə müsbət təsir etmişdir. Hesab edirik ki, hökumətin qayğısı sayəsində Naxçıvan artıq ölkəmizin ən inkişaf etmiş gözəl diyarlarından birinə çevrilmişdir.
Məlumdur ki, hazırda dünya ictimaiyyətini ən çox narahat edən qlobal məsələlərdən biri də əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsidir. Dünyada 1 milyarda yaxın insanın aclıq və yoxsulluq şəraitində yaşamasını nəzərə alsaq, bu məsələnin ciddiliyini təsəvvür etmək o qədər də çətin olmaz. Ona görə də hər bir ölkədə olduğu kimi, respublikamızda da bu məsələyə xüsusi diqqət yetirilir və aqrar sahə ölkə iqtisadiyyatının prioritet sahələrindən hesab olunur. Respublika Prezidentinin yaxından qayğısı və köməyi ilə bu sahənin inkişafı üçün dövlət dəstəyi ilbəil artır. Təkcə bir fakt, 2011-ci ilin dövlət büdcəsindən kənd təsərrüfatına 426 milyon manat və 2010-cu ilə nisbətən 20 faiz çox vəsaitin ayrılması buna əyani sübutdur. Onu da qeyd etməyi özümə borc bilirəm ki, kənd təsərrüfatına indiyə kimi belə yüksək məbləğdə artımla vəsait ayrılmamışdır.
Dövlət büdcəsi ilə əlaqədar olaraq aqrar sahənin inkişafı ilə bağlı bəzi təkliflərimi də sizin diqqətinizə çatdırmaq istəyirəm. Məlumdur ki, ölkəmiz Ümumdünya Ticarət Təşkilatına üzv olmaq üçün danışıqları davam etdirir. Bizə verilmiş bu vaxt imkanından istifadə edərək demək istəyirəm ki, kənd təsərrüfatının ayrı-ayrı sahələrində rəqabət qabiliyyətli məhsullar istehsalını təmin etmək üçün dövlətin dəstəyinə böyük ehtiyac vardır. Yaxşı olardı ki, arıçılıq və pambıqçılıq haqqında qəbul edilmiş qanunlara uyğun olaraq hökumət müvafiq proqramları tezliklə qəbul etsin və büdcədən həmin proqramların icrasına vəsait ayrılsın. Eyni zamanda, inkişaf etmiş Avropa ölkələrində geniş yayılmış və böyük səmərə ilə fəaliyyət göstərən müvafiq təşkilati-hüquqi formalı kənd təsərrüfatı qurumlarının, kooperativlərin və sairin inkişafı hökumət tərəfindən praktiki olaraq dəstəklənsin və onların genişləndirilməsinə büdcədən vəsait ayrılması nəzərdə tutulsun. Hesab edirəm ki, müzakirəyə təqdim edilmiş 2011-ci ilin dövlət büdcəsi sosial və investisiya yönümlü olmaqla Azərbaycan xalqının...
Sədrlik edən. Sağ olun, Eldar müəllim. Mirkazım Kazı-mov.
M. Kazımov. Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli hökumət üzvləri, hörmətli millət vəkilləri! Dünya ölkələrində iqtisadi və maliyyə böhranının davam etməsinə baxmayaraq, ötən ildə olduğu kimi, cari ildə də Azərbaycan iqtisadiyyatında müsbət meyillər əldə edilir. İqtisadi artım, temp qorunub saxlanılır. Bütün bunlar möhtərəm Preziden-timiz İlham Əliyevin həyata keçirdiyi çevik iqtisadi siyasət nəticəsində mümkün olur.
Bu ilin birinci yarısında xarici ticarət dövriyyəsinin həcmi 53 faiz artmış və bu, 13 milyard dollardan çox olmuşdur. Dünya bazarına çıxarılan xam neftimizin bir barrelinin orta satış qiyməti ötən ilin müvafiq dövrü ilə müqayisədə yarım dəfə artmışdır. Milli valyutamızın məzənnəsi sabit qalmış-dır. Cari ilin sonuna ortaillik inflyasiyanın 5 faiz civarında olacağı gözlənilir.
Müzakirəyə təqdim olunan sənədlərdən də göründüyü kimi, 2013-cü il üzrə ümumi daxili məhsulun ümumi artımı 5,4 faiz olacağı təqdirdə neft sektorunda bu göstərici 3 faiz, qeyri-neft sektorunda isə 8,3 faiz gözlənilir. Bu fakt bir daha göstərir ki, hökumətin neft gəlirləri hesabına qeyri-neft sek-torunun inkişafının təmin olunması siyasəti artıq reallığa çevrilmiş və öz bəhrəsini verir.
Ölkəmizin ortamüddətli sosial-iqtisadi inkişaf konsepsiyasına əsasən 2011-ci ildən ölkə üzrə iqtisadi artım 3,8 faiz, qeyri-neft sektoru üzrə isə 7,2 faiz proqnozlaşdırılır. Gələn il adambaşına düşən ümumi daxili məhsulun həcmi 5625 dollar məbləğində planlaşdırılır. Büdcə sənədlərindən göründüyü kimi, 2011-ci ildə, əsasən, kapitala yönəldiləcək sərmayənin ümumi həcmi 11,4 milyard manat proqnozlaşdırılır. Bu məbləğin 65 faizi daxili, 35 faizi isə xarici investisiyalar olacaqdır.
2011-ci ilin dövlət büdcəsinin gəlirləri 12 milyard, xərcləri isə 12,7 milyard manat proqnozlaşdırılır. Bu, cari ilin proqnozu ilə müqayisədə müvafiq olaraq 4,8 və 3,9 faiz artım deməkdir. Hökumət dövlət büdcəsinin xərclərini bölüşdürən zaman dövlətin əsas prioritetlərini özündə birləşdirən iqtisadi xəttin icrasına, iqtisadi inkişafın tempinin saxlanılmasına, regionların tarazlı inkişafına, qeyri-neft sek-torunun və özəl sahənin inkişaf etdirilməsinə, əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına diqqət yetirmişdir. Gələn il dövlət büdcəsi xərclərinin 42,3 faizi qəbul olunmuş dövlət proqramlarının və konkret tədbirlərin maliyyələşdirilməsinə yönəldiləcəkdir. Əvvəlki illərdə olduğu kimi, 2011-ci ilin büdcəsi də sosial yönümlü olacaqdır.
Müzakirəyə təqdim olunmuş büdcə sənədlərindən göründüyü kimi, 2011-ci ilin dövlət büdcəsi investisiya tu-tumlu maliyyə sənədidir. Əsaslı xərclərin 5,4 milyard manatının 3,4 milyard manatı dövlət investisiya pro-qramında nəzərdə tutulan layihələrin və tədbirlərin maliyyə təminatına yönəldiləcəkdir. Bu zaman infrastruktur, obyektlərin tikintisi diqqət mərkəzində olacaqdır.
Kənd təsərrüfatı, meşələrin inkişafı, balıqçılıq, ətraf mühitin mühafizəsi xərclərinə dövlət büdcəsindən 450 milyon manata yaxın vəsait nəzərdə tutulur. Ötən illə müqayisədə bu, 16 faizdən çox artım deməkdir. Bu vəsaitin 111,6 milyon manatının “2008–2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın icrasına yönəldilməsi nəzərdə tutulur.
2011-ci ildə dövlət büdcəsinin kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq və ətraf mühitin mühafizəsi xərclərindən 220 milyon manat meliorasiya, irriqasiya və suvarma şəbəkələrinin stabil saxlanmasına və inkişafına yönəldiləcəkdir. İqtisadiyyatın bu vacib bölməsinin infra-struktur obyektlərinin maddi-texniki bazasının möhkəmləndirilməsi tədbirləri üçün 50 milyon manat büdcə vəsaiti nəzərdə tutulur.
Əvvəlki illərdə olduğu kimi, dövlət büdcəsinin yerli xərcləri diqqət mərkəzində saxlanılacaqdır. Dövlət büdcəsinin tərkib hissəsi olan yerli xərclər 1 milyard 300 milyon manatdan çox proqnozlaşdırılır. Bu, cari illə müqayisədə 9,5 faiz çox vəsait deməkdir. Hörmətli millət vəkilləri, çıxışımın sonunda mən də qeyd etmək istərdim ki, bu büdcə üzərində, həqiqətən...
Sədrlik edən. Sağ olun, Mirkazım müəllim. İlyas İsmay-ılov.
İ. İsmayılov. Təşəkkür edirəm, Ziyafət müəllim. Biz artıq ikinci gündür ki, respublikamızın gələn il üçün nəzərdə tutulan dövlət büdcəsinin layihəsini müzakirə edirik. Mən də hesab edirəm ki, layihə işini bilən insanlar tərəfindən hazırlanmış sistem xarakterli bir sənəddir. Bu sənədin gəlirlərə aid olan hissəsi ölkəmizin maliyyə və iqtisadi durumunu, real vəziyyətini əks etdirir. Xərclərə aid hissə isə büdcə vəsaitlə rinin nəyə və necə xərclənməsinə dair bir plandır ki, bu da sosial-iqtisadi siyasətin indikatoru sayıla bilər. Əlbəttə, büd- cənin reallığını da, onun minimum proqnozlarla formalaş- masını da mən müsbət hal hesab edirəm. Bu baxımdan mən də yoldaşlarla razıyam ki, neftin bir barrelinin qiymətinin 60 dollar nəzərdə tutulması gələcəkdə büdcəmizin artıqlaması ilə həyata keçməsini təmin edəcək.
Bununla yanaşı, mübahisə doğuran bir məsələyə də müna- sibətimi bildirmək istəyirəm. Əlbəttə, büdcənin formalaş-masında neft amilinin rolunun artması bizi narahat etməlidir. Biz dünən Mərkəzi Bankı İdarə Heyətinin sədri hörmətli Elman müəllimin çıxışına qulaq asdıq. Mən onun çıxışından çox məmnunam. O həmişə işini bilən adam kimi çıxış edir və problemlərdən qaçmır, onlara aydınlıq gətirir. O da bildirdi ki, bəli, büdcənin formalaşmasında neft amilinin rolunun artmasından narahatlıq keçirir və bunu hökumət də bilir. Mən çox şadam ki, hökumət bunu bilir. Elə biz də istəyirik ki, bu narahatçılıq onlara da çatsın.
Deməli, əsas fikir ondan ibarətdir ki, necə edək, neft amilinin həcmi azalsın, qeyri-neft sektorunun həcmi isə çox-alsın. Düzdür, büdcədə nəzərdə tutulub ki, qeyri-neft sektoru da artır. Ancaq diqqətlə baxanda görürsünüz ki, bu artım qətiyyən nə istehsalın, nə də xidmətin fiziki həcminin art-ması hesabınadır. Qiymətlərin artması hesabınadır ki, bu da inflyasiya artımı kimi bir şeydir. Mən hesab edirəm ki, biz neft amilinin təsirinin azalması və qeyri-neft sektorunun ümumi çəkisinin artması barədə fikirləşməliyik.
Bir yolu da mən demək istəyirəm, keçən il də büdcənin müzakirəsində bunu demişəm. O da kölgə iqtisadiyyatı ilə çox ciddi mübarizə aparmaqdan ibarətdir. Mən keçən il komitələrin iclasında Maliyyə Nazirliyinin nümayəndəsinə sual verdim ki, daxili məhsulun istehsalında kölgə iqtisadiyyatı neçə faiz yer tutur? O, belə bir faktın olmasını tamamilə inkar etdi. Çox şadam ki, hörmətli nazirimiz çıxış edəndə mən sual verdim, o da bunu 13,8 faiz göstərdi. Statistika idarəsi isə bunu 18 faiz, Dünya Bankı 60 faiz göstərir. Deməli, bu, faktdır və ümumi daxili məhsulun 14–60 faizi arasında dəyişir. Yəni ümumi daxili məhsulun rəsmi göstəricisi olan 35 milyard manata minimum 5, maksimum 20 milyard manat əlavə oluna bilər və bu məbləğin ən azı 10 faizi, yəni 500 milyon manatdan 3,5 milyard manatadək vəsait vergi şəklində büdcəmizə daxil ola bilər. Odur ki, biz bu faktı inkar etmək yolu ilə getməməliyik, onunla ciddi mübarizə aparmalıyıq. Bunun üçün bəlkə gələcəkdə dördüncü çağırış Milli Məclisin tərkibində ictimai bir qurum yaradaq ki, kölgə iqtisadiyyatı ilə mübarizə işi ilə məşğul olsun.
İkinci deyəcəyim məsələni də mən keçən il qaldırmışdım. Çox təəssüf ki, səsim eşidilmədi. Bu da mənzil tikintisində dövlətin rolu barədə idi. Axı, bizdə aztəminatlı adamlar var. Biz də referendum yolu ilə Konstitusiyamızın 12-ci maddəsinə əlavə elədik ki, insanlara layiqli həyat tərzi təmin etməliyik. Bu da ilk növbədə mənzillə təminatdan başlayır. Odur ki, dövlət özü mənzil tikintisində iştirak etməlidir və bu mənzilləri aztəminatlı insanlara verməlidir. Mən, keçən il dediyim kimi, bizdə 1-ci, 3-cü mikrorayonda yüz min insan yaşayır və o binaların da istismar vaxtı keçibdir. Niyə biz mənzil tikintisində iştirak etmirik? Qonşumuz, həmişə fəxrlə qeyd etdiyimiz Türkiyə dövlətinin tikinti təşkilatları var və dövlət evlər tikir, aztəminatlı insanlara paylayır. Belə prak-tika Qazaxıstanda da var, Rusiyada da, başqa yerlərdə də. Mən çox arzu edərdim ki, dövlət mənzil tikintisində iştirak etsin və aztəminatlı insanları evlə təmin etsin. Diqqətinizə görə təşəkkür edirəm.

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir

Sədrlik edən. Sağ olun. Məjlum Şükürov.
M. Şükürov. Təşəkkür edirəm, Oqtay müəllim. Hörmətli həmkarlar, hörmətli hökumət təmsilçiləri və mətbuat nümayəndələri! Məndən öncə səslənən fikirlərə qoşuluram və hesab edirəm ki, builki büdcə zərfi həm ölçülmüş, biçilmiş şəkildə hazırlanmışdır, həm də iqtisadiyyatın dövlət və xalq qarşısında daşıdığı məsuliyyət yükünü tam əks et-dirir. Dünya iqtisadiyyatında baş verən proseslər fonunda da, hesab edirəm ki, büdcə zərfi çox ehtiyatlı tutulmuşdur. Bu gün inkişaf etmiş Avropa ölkələrində də büdcə zərfləri müzakirə olunarkən gələn il üçün nəzərdə tutulan əmək haqları fonunda o ölkələrdə baş verən hadisələri, etirazları hamı görür. Bu nöqteyi-nəzərdən bu müqayisəli təhlil bir daha sübut edir ki, ölkəmizin büdcəsi maliyyə imkanları baxımından çox lazımi səviyyədə tərtib olunmuşdur. Mən hesab edirəm ki, büdcədə ölkə, dövlət qarşısında duran strateji hədəflərə nail olmaq nöqteyi-nəzərindən bütün parametrlər nəzərə alınmışdır.
Bilirsiniz ki, ölkəmiz qarşısında duran ən mühüm strateji hədəf işğal olunmuş torpaqların azad edilməsidir. Bu nöqteyi-nəzərdən müdafiə xərcləri üçün nəzərdə tutulmuş vəsait, hesab edirəm ki, ölkənin siyasi rəhbərliyinə qarşıdakı çətin gedən danışıqlar prosesində çox mühüm imkanlar ve-rir.
İkinci strateji hədəf. Bilirsiniz ki, Konstitusiyaya son dəyişikliklər zamanı iqtisadiyyatımızın sosial yönümlü bazar iqtisadiyyatı olması dəyişikliyi edilmişdir. Bu nöqteyi-nəzərdən büdcənin sosial yönümlü olması məhz Konstitusiyada nəzərdə tutulan həmin strateji hədəfə də xidmət edir. Ümumiyyətlə, ölkəmiz haqqında beynəlxalq rəylər də bu istiqamətdə çox müsbətdir. Avropa Yenidənqurma və İnkişaf Bankının baş eksperti Anita Tacinin də 2011-ci ildə ölkəmiz haqqında proqnozu çox yüksək olub. Bu onu göstərir ki, beynəlxalq ekspertdə də büdcəmizin yüksək səviyyədə tərtib olunmasını təsdiq edirlər.
Mən dünən burada çıxış edən İqtisadi siyasət komitəsinin üzvünün apardığı bir müqayisəli təhlilə qayıtmaq istəyirəm. 1910-cu ildə Azərbaycandakı iqtisadi mühit və indiki iqtisadi mühit. Bilirsiniz ki, həmin dövrdəki iqtisadi mühitin nəticəsi olaraq, dahi satirikimiz demişdi ki, “Əcnəbilər seyrə balonlarla çıxır, biz izə avtomobil minməyiriz”. Məhz builki büdcə də Azərbaycanda yeni bir mərhələ nəzərdə tutub. Bu da, bilirsiniz ki, Azərbaycanın süni peykinin – “Azərspace” peykinin 2011-ci ildə yer ətrafı orbitə çıxarılmasıdır. Yəqin ki, Sabirin də ruhu şad olar, çünki 1957-ci ildə başlayan bu proseslərdə çox azsaylı dövlətə belə bir peyk buraxmaq nəsib olubdur.
Bilirsiniz ki, kənd təsərrüfatı sahəsində çalışan in-sanlarımızın sayı ümumi əhalinin 40 faizini təşkil edir. Bu nöqteyi-nəzərdən kənd təsərrüfatına da ayrılmalar, hesab edirəm ki, kənddə yaşayan əhalinin sosial mühitinin yaxşı-laşmasına xidmət edəcəkdir və BMT-nin, xüsusən də ÜƏT-in son tədqiqatları göstərir ki, yaxın 8–10 il müddətində dünyada ərzaq məhsullarının qiyməti 50 faiz qalxacaqdır. Hesab edirəm ki, bu proqnoz da büdcədə nəzərdə tutulmuş-dur.
Mən komitə iclasının müzakirəsində səslənən bir fikrə də qayıtmaq istəyirəm. Sovet dövründə Azərbaycanda 2700-ə yaxın sovxoz, kolxoz olmuşdur. Burada 30 mindən çox peşəkar mütəxəssis çalışırdı. Amma bilirsiniz ki, indiki dövrdə bazar iqtisadiyyatı mühitində aqronomlar, zootexniklər, baytar həkimlər yox səviyyəsindədir. Bu nöqteyi-nəzərdən Azərbaycanda on il müddətində kənd təsərrüfatının inkişafı layihəsi həyata keçirilmişdir. Lakin bu il Dünya Bankı ilə birgə keçirilmiş layihənin müddəti bitir. Layihədə də nəzərdə tutulmuşdu ki, Azərbaycan hökuməti tərəfindən bu iş davam etdiriləcək. Mən hörmətli maliyyə nazirimizdən xahiş edərdim ki, bunu nəzərə alsın. Sonda isə qarşıdakı seçkilərdə iştirak edəcək həmkarlarıma müvəffəqiyyət arzulayıram, qatılmayanlara isə Azərbaycanda əsl istefa mədəniyyəti...
Sədrlik edən. Sağ olun. Fuad Muradov.
F. Muradov. Hörmətli Sədr, hörmətli hökumət üzvləri! Hesab edirəm ki, builki büdcə fərqli ola bilərdi, çünki bütün dünyada bu gün böhrandır, istehsalat aşağı düşüb. Amma buna baxmayaraq, bizə təqdim olunan büdcə Azərbaycanın gücünü, qüdrətini bir daha göstərdi. Biz hamımız fəxr eləməliyik ki, belə bir şəraitdə Azərbaycanın büdcəsində ar-tım var və bizi narahat edən bütün istiqamətlərdə də çox böyük irəliləyiş var.
Bir neçə məsələyə toxunmaq istərdim. Bir neçə il bundan öncə biz “Gənclər siyasəti haqqında” Qanunu müzakirə edəndə Gənclər Fondunun yaradılması ideyası səslənmiş və həmin ideya qanuna salınmışdı. Mən çox istəyərdim ki, biz bu məsələyə baxaq. Təbii ki, bu gün Azərbaycan dövləti tərəfindən yaradılan QHT-lərə Dəstək Şurası, Elmin İnkişaf Fondu və digər fondlar var. Belə dövlət fondları nə qədər çox olsa, biz o qədər digər fondlardan asılılığı azalda bilərik və son nəticədə görülən bütün işlər məhz dövlət naminə olar.
İpoteka kreditləri ilə bağlı müxtəlif fikirlər var. Mən bildirmək istəyirəm ki, bu çox faydalı bir proqram oldu və xeyli gənc bundan yararlandı. Eyni zamanda, hesab edirəm ki, biz bunları davam etdirməliyik. Əsas problem ondan ibarətdir ki, bəzən ilkin ödənişlə bağlı problemlər yaranır. Ümumi faiz aşağıdır, məqbul faizdir, amma ilkin ödənişlərlə bağlı bir formul, düstur düşünə bilsək, mənə elə gəlir ki, faydalı olardı. Eyni zamanda, tikinti şirkətlərində də bununla bağlı müəyyən qədər durğunluq yaşanır. Əgər bunlar olsa, həm kiçik, həm də böyük sahibkarlığa müəyyən dəstək olar.
Təhsil sistemi ilə bağlı bir çox fikirlər var. Açığı, bu sistemlə bağlı suallar çoxdur. Burada həm maaşların artırıl-ması ilə, həm də yeni texnologiyanın tətbiqi ilə bağlı fikirlər söyləndi. Eyni zamanda, biz bunu da nəzərə almalıyıq ki, bu gün Azərbaycanda bir şagirdə düşən müəllimlərin sayı re-kord səviyyəsindədir. Deməli, biz maaşların artırılması ilə bərabər keyfiyyətə də baxmalıyıq. Təbii, heç kim istəməz ki, müəllimlər işsiz qalsın. Amma biz keyfiyyəti artırmaq istəyiriksə, bu məsələyə çox ciddi yanaşmalıyıq. Müəyyən attestasiyalar həyata keçirilməlidir və şagirdbaşına düşən müəllimlərin sayı Avropa standartına uyğun olaraq orta səviyyədə olmalıdır.
Oqtay müəllim, bu gün Azərbaycan, Bakı, demək olar ki, yenidən tikilir. Bütün dünyada gedən böhran şəraitində mədəniyyət obyektlərinin, səhiyyə və digər obyektlərin tikilməsi gələcəkdə Azərbaycan büdcəsinin inkişafına, başqa istiqamətdən gəlirlərin gəlməsinə şərait yarada bilər. Yəni mədəniyyət, səhiyyə obyektlərinin tikilməsi, infrastrukturun, yolların yaxşılaşdırılması son nəticədə büdcəyə digər mənbələrdən gəlir gəlməsinə gətirib çıxarır. Ona görə də bu gün bu proses gedir. Biz fikir versək, görərik ki, hətta ABŞ-da da əsrin əvvəlində məhz bu istiqamətdə görülən işlər bu gün bəhrəsini verir. Azərbaycan bu gün bu istiqamətdə öz işini davam etdirir. Hesab edirəm ki, bu çox düzgün, faydalı yoldur. Biz hamımız çalışmalıyıq ki, infrastruktur yaxşılaşsın, Azərbaycanda həm turizm, həm də digər sahələrə aid obyektlərin sayı çox olsun. Bu baxımdan biz gələcəkdə neftdən asılılığı bir az azalda bilərik.
Keçən dəfə büdcə müzakirə edilərkən diplomatik xərclərin artırılması ilə bağlı danışdıq. Hesab edirəm ki, biz bu məsələyə də baxa bilərik. Bu gün yeni səfirliklər, konsul-luqlar açılır. Bu da Azərbaycanın gücünü göstərir. Eyni zamanda, bizim diplomatik xidmətdə çalışan insanların yaşayış səviyyəsi də yüksək olmalıdır, çünki onlar Azərbaycanı təmsil edirlər, Azərbaycanın mövqeyini müdafiə edirlər. Mən çox xahiş edərdim ki, biz bu məsələyə bir də baxaq. Ümumiyyətlə, Azərbaycanın bu gün beynəlxalq təşkilatlarda nüfuzu artıb və Azərbaycan beynəlxalq əlaqələrini bu istiqamətdə inkişaf etdirir. Mən xüsusi vurğulamaq istəyirəm ki, biz yeni texnologiyalara böyük diqqət ayırmalıyıq. Mən büdcəni dəstəkləyirəm və hamınıza uğurlar arzulayıram.
Sədrlik edən. Çox sağ olun. Jalə Əliyeva.
J. Əliyeva. Çox sağ olun, cənab Sədr. Hörmətli millət vəkilləri və hökumət üzvləri! Bu gün müzakirə etdiyimiz büdcə layihəsi bir daha bunu deməyə əsas verir ki, ölkədə cənab Prezident İlham Əliyev tərəfindən Azərbaycanın, sadəcə, bu gününə deyil, eyni zamanda, böyük bir uzaqgörənliklə gələcəyinə hesablanmış çox uğurlu bir siyasət həyata keçirilməkdədir. Bəzən ekspertlər ölkəmizi eyni coğrafi məkanı paylaşdığımız Qafqaz dövlətləri – Gürcüstan və Ermənistanla müqayisə edir və çox haqlı olaraq Azərbaycanın bu ölkələrdən çox irəlidə olduğunu qeyd edirlər. Lakin düşünürəm ki, bu, haqlı olduğu qədər bir az da insafsız müqayisədir, çünki Azərbaycanda gedən inkişafın miqyası, əldə etdiyimiz yüksəlişin səviyyəsi ölkəmizi nəinki Qafqazdakı qonşularımızla, eyni zamanda, bölgənin, hətta cəsarətlə deyə bilərəm ki, dünyanın irəlidə gələn dövlətləri ilə müqayisə etməyə imkan verir.
Ötən il keçid dövrünü başa vuran Azərbaycan yeni bir mərhələyə qədəm qoydu. Bu yeni mərhələnin öhdəlikləri və vəzifələri içərisində ən əhəmiyyətlilərdən biri və birincisi Azərbaycan vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsindən ibarətdir. Bu məqsədlə ölkə miqyasında nəhəng layihələr həyata keçirilir və bu layihələr bu gün ölkə həyatının bütün sahələrini əhatə edir. İnkişafın bu tempi bəzən insana nağıl kimi gəlir. Bütün bu işlərin qüsursuz və vaxtında yerinə yetirilməsi, qəbul edərsiniz ki, böyük bir ölçüdə dövlət büdcəsindən, bu büdcənin düzgün idarə edilməsindən və büdcədən səmərəli istifadədən çox asılıdır.
Məlumdur ki, ötən illərin ağır maliyyə-iqtisadi böhranı Azərbaycana təsirsiz ötüşdü. Bunu artıq dünyanın əhəmiyyətli iqtisadi qurumları da təsdiqləyirlər. Ötən illərdə bəzi dairələr və müxalif qüvvələr bu günə qədər inkişafın yalnız neftə bağlı olmasına, məhz neft sayəsində böhrandan qurtulduğumuza dair iddialar irəli sürürdülər. Amma gəlin, baxaq, görək nə oldu? Dünyada neftin qiyməti 3–4 dəfə düşsə də, neft gəlirləri xeyli azalsa da, Azərbaycan iqtisadi-yyatı zəifləmədi, əksinə, ölkədə inkişaf yeni bir sürət qazandı. Opponentlərimiz bu iddianı irəli sürərkən, yəqin, unudurdular ki, bu iqtisadi inkişaf, sadəcə, neftə deyil, dövlət başçısı tərəfindən düzgün müəyyənləşdirilən iqtisadi siyasətə bağlıdır.
Mən bundan bir neçə ay əvvəl büdcəyə edilən əlavələri xüsusi olaraq qeyd etmək istəyirəm. Məlumdur ki, bu əlavələr xərclərin artırılması ilə bağlı idi və ölkənin gücündən, potensialından xəbər verirdi. Bu da məlumdur ki, xərclərin artırılmasının əsas səbəbi Kür və Araz çaylarının yaratdığı sel fəlakəti idi. Həmin günlərdə ölkə başçısının birbaşa tapşırığı və nəzarəti ilə böyük bir sürətlə xilasetmə işləri həyata keçirildi. Cənab Prezidentin imzaladığı sərəncama əsasən insanlara və iqtisadiyyata dəyən ziyanın dəyəri hesablandı, vətəndaşlara kompensasiyalar ödənildi.
Hörmətli hökumət üzvləri, əlbəttə, hər il dövlət büdcəsindən təbii fəlakətlərin aradan qaldırılmasına müəyyən vəsait ayrılır. Lakin ötən yaz, demək olar ki, bütün ölkəni bürüyən təbii fəlakətin həcmi bu kimi hallara hazır olmaq və qarşısını vaxtında ala bilmək üçün bundan sonra büdcədə hər il olduğundan daha çox maliyyə vəsaiti ayrıl-masını bir zərurətə çevirib. Mən həmin zonanın, eləcə də təmsilçisi olduğum Zərdab rayonunun coğrafi özəlliyinin diqqətə alınmasını və bu sahə üzrə büdcə vəsaitinin artırıl-masını xahiş edirəm.
Eyni zamanda, seçildiyim dairə ilə bağlı bir neçə məsələni də diqqətinizə çatdırmaq istəyirəm. Dövlət proqramına uyğun olaraq bu günə qədər Zərdabın iki kəndinə və bir yaşayış məhəlləsinə təbii qaz çəkilib. Bir neçə kəndin isə qazlaşdırıl-masına hazırlıq işləri gedir. Biz büdcədən vəsait ayrılarkən magistral qaz xəttinin üzərində yerləşdiyindən qazlaşdırılması daha asan ola biləcək Çallı, Alıcanlı, Gəlmə, Salahlı kəndlərinə, eyni zamanda, yenə həmin xətt üzərində yerləşən təmsilçisi olduğum Ucar rayonunun Xələş kəndinə qısa müddətdə qaz xəttinin çəkilməsini nəzərə almağınızı xahiş edi-rik.
Rayonun səhiyyə müəssisələrinin əsaslı təmirinə, eyni zamanda, yenilərinin tikilməsinə ehtiyac var. Əslində, dövlət proqramı çərçivəsində burada işlər 2010-cu ildə başlanmalı idi. Lakin bu günə qədər başlamayıb və bu məsələnin də büdcədə nəzərə alınmasını xahiş edirik.
Nəhayət, son illərdə əsaslı təmiri artıq başa çatmış olan 27 kilometrlik Zərdab – Mollakənd yolunun və eyni zamanda, Ucar rayonunun Bəyqışlaq kənd sakinlərinin ən böyük ar-zusu olan 18 kilometrlik yolun əsaslı təmir edilib istifadəyə verilməsinə görə hər iki rayonun sakinləri adından cənab Prezidentə və Nəqliyyat Nazirliyinə təşəkkürümü bildirirəm.
Sədrlik edən. Çox sağ olun. Bir-iki çıxışa da qulaq asaq. Arzu Səmədbəyli.
A. Səmədbəyli. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri və media nümayəndələri! Siyavuş bəy, bir balaca da səbrini bas. Sənə diqqətlə qulaq asmışıq, bizə də qulaq asın, sonra yenə səsə qoyarsınız. Onsuz da vaxt 5 dəqiqəyə endirilib və o 5 dəqiqə ərzində büdcə haqqında bütün fikirlərinizi ifadə etmək mümkün olmayacaq. İkinci gündür ki, büdcənin müzakirəsi gedir. Komitə iclaslarında da hökumət üzvlərinin çıxışlarına qulaq asmışdıq, indi də plenar iclasda qulaq asırıq. Məni onların çıxışları təəccübləndirmədi. Yəni onlar o çıxışları orada da etmişdilər, hər il də edirlər və eyni çıxışlardır. Bir az rəqəmlər dəyişir. Məni təəccübləndirən bizim həmkarımız Yevda müəllimin o rəqəmlərə vurğunluğu oldu. Amma mənə elə gəlir ki, Yevda müəllim, deyəsən, heç o sənədi açıb oxumayıb, çünki bir dənə də rəqəm və müqayisə demədi, bir dənə də təklif vermədi. Özünü guya bizi tənqid edirmiş kimi göstərib, bir az hakimiyyəti təriflədi. Nizami Gəncəvinin belə bir beyti var: “Bir inci sağlığı varsa da suda, artıq içiləndə dərd verir o da”. Deyəsən, bir az tərifin dozasını artıq elədi, ona görə çox da gözəl görünmədi.
Komitə sədri hörmətli akademikimizin tribunadan çıxışı mənə təxminən sovet illərini xatırlatdı. Sanki Mərkəzi Komitənin qərarlarını raykom katibləri yerlərdə müzakirə edirlər. O zaman belə bir lətifə var idi. Birisi guya tənqid edir-miş kimi üzünü Leonid İliçə tutub deyir: “Mən sizi tənqid edəcəyəm, amma xahiş edirəm, dözümlü olun. Yoldaş Leonid İliç, siz çox prinsipial adamsınız”. Bu da tənqid idi və buradakı o fikirlər də təxminən onu xatırladırdı. Ziyad müəllimin çıxışı sanki o planlı iqtisadiyyat dövrünün çıxışını xatırlatdı.
Bütövlükdə bizim büdcə ilə bağlı fikirlərimizi dünən Pənah Hüseynin çıxışında dinlədiniz. O həm öz fikirlərini, həm də büdcə ilə bağlı Müsavat deputat qrupunun həm si-yasi, həm də iqtisadi yönünü 5 dəqiqənin imkan verdiyi çərçivədə dedi. Mən də müəyyən fikirlərimi əlavə etmək istəyirəm. Birincisi, büdcənin müzakirəsini 3 gün ərzində başa çatdırmaq qeyri-mümkündür. Mən təklif edirəm ki, növbəti illərdə bu, oktyabr ayının 1-dən başlasın. Çünki həm parlament seçkisi, həm də digər seçki illərində bu daha önəmlidir və seçkiyə də mane olmaz. Bu zaman müzakirə günlərlə uzadılsın və reqlament dəyişdirilsin. 3 gündə büdcəni müzakirə edib qəbul etmək təxminən 3 aya böyük bir universiteti bitirməyə bənzəyir. O müqayisəni aparmaq olar.
İkincisi, başqa dövlətlərdə, – Avropa dövlətləri deyəndə acığınız tutur, – hətta bizim qonşu dövlətdə də büdcə paketi 3 illik tərtib olunur. Dayanıqlı büdcə odur ki, ən azı qarşıdakı 3 il üçün təqdim olunsun. Hər il olduğu kimi, bu dəfə də büdcə birillik təqdim olunub. Qonşu Rusiyaya baxın, 2011–2013-cü illər üçün büdcə zərfi Dumaya təqdim olundu. Təəssüflər olsun ki, bu bizdə birillikdir və bu da doğru-dürüst hazırlanmayıb, qanunlara və standartlara uyğun tərtib olunmayıb.
Üçüncüsü, 2011-ci ildə büdcə gəlirlərinin əvvəlki illə müqayisədə cəmisi 4,8 faiz, xərclərinin isə 3,9 faiz artırılması nəzərdə tutulub. Bu da sizin təriflədiyiniz kimi, əhəmiyyətli addım sayıla və inkişaf göstəricisi hesab edilə bilməz. Buna biz tısbağa sürəti ilə irəliləmə deyirik. Büdcənin ölçüsündə ciddi artım olmasa da, əsas bölməyə aid edilən sair xərclər 1,4 milyard manata çatdırılıb. Hə, burada artım var. Bu, əvvəlki illə müqayisədə dəfələrlə çoxdur. Bilirsiniz ki, bu xərc maddəsinin təsnifatı yoxdur, bu da gizlədilmiş büdcə vəsaitinin korrupsiyaya uğrayacağını əvvəlcədən deməyə əsas verir və bizim də bu məsələ ilə bağlı ciddi şübhəmiz var.
Başqa bir məsələ, bir tərəfdən beynəlxalq təşkilatları Azərbaycandakı vəziyyəti qara görməkdə qınayırsınız, onların tövsiyələrinə əməl etmirsiniz, digər tərəfdən, beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara 94 milyon manat vəsait nəzərdə tutursunuz. Heç olmasa, onların tövsiyələrinə əməl edin ki, bu istiqamətdə xərclərin bir səmərəsi görünsün. Niyə yenə də büdcənin 30 faizinin, digər investisiya büdcəsinin təsnifatı verilmir? Dünən bu məsələ ilə bağlı Pənah bəy fikirlərini qeyd etdi. Hər il büdcədən xarici populyar televiziyalar üçün 1,6 milyon manat ayrılır, amma bizə ictimai televiziyada seçki təbliğatı üçün astro-nomik qiymətlər təklif olunur. Çox təəssüf ki, zamanımız çatmır, fikirlərimizin hamısını deyə bilmirik. Təbii ki, biz bu büdcənin əleyhinə səs...
Sədrlik edən. Hörmətli Arzu müəllim, deməli, iqtisadi inkişaf 25–35 faiz arasında olanda da narazılıq edirdiniz, 5 faiz olanda da deyirsən ki, tısbağa yerişidir.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Bir dəqiqə, mən sizə qulaq asdım. Yerindən danışma. 10 ildir, bu xasiyyət sizdə var. Mən iki kəlmə söz deyirəm, qulaq asın. Ümumiyyətlə, çıxışında Yevda müəllimə istinad etdin. Amma özün 5 dəqiqənin iki dəqiqə yarımını sitatlar, bir də, misallar gətirdin. İndi 5 dəqiqə də artıq vaxt versək, nə deyəcəkdiniz, nə yenilik gətirəcəkdiniz? Yəni bir arqumentli fikriniz yoxdursa, dan-ışmağa dəyməz. Qənirə Paşayeva.
Q. Paşayeva. Hörmətli Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Mən ilk öncə bu büdcəni dəstəkləyəcəyimi bildirməklə yanaşı, vurğulamaq istəyirəm ki, biz 2 gün əvvəl Avropa Şurası Parlament Assambleyası-nın növbəti sessiyasından qayıtmışıq. Bu sessiya çərçivəsində bizim gördüyümüz ən ciddi məsələlərdən biri ondan ibarət idi ki, beynəlxalq maliyyə böhranı elə bir ciddi və ağır problemlər yaradıb ki, bu gün fərqli dəyərlər üzərində qurulan beynəlxalq təşkilatların belə ana gündəmini bu müzakirələr təşkil edirdi. Beynəlxalq maliyyə təşkilatlarının, beynəlxalq maliyyə institutlarının rəhbərləri hesabat verirdilər və müzakirələr aparılırdı ki, maliyyə-iqtisadi böhran çox köklü və inkişaf etmiş bir çox ölkələri elə vəziyyətə salıb ki, bu ölkələrin düşdükləri vəziyyətdən çıxması öz gücləri ilə çox çətin olacaq. Müzakirənin istiqaməti bu idi ki, bu ölkələrə necə dəstək verək?
Burada da əsas diqqət yetirilən məsələlərdən biri bir çox ölkələrdə iqtisadi və maliyyə siyasətini aparan qurumların özlərinin məsuliyyətli olmamasından yaranan problemlər idi. Biz çox şad idik ki, Azərbaycan bu böyük maliyyə-iqtisadi böhrandan ağır zədələr, problemlər almadan çıxdı. Mənə elə gəlir ki, bunun özü elə ən böyük uğurdur və beynəlxalq ekspertlər də bunu qeyd edirdilər. Azərbaycanın hələ də davam edən bu proseslərdən çox uğurlu şəkildə çıxması, təbii ki, cənab Prezident tərəfindən aparılan uğurlu iqtisadi siyasətin nəticəsidir. Üstəlik, bir çox ölkələr bu böhran şəraitində öz büdcələrini məhdudlaşdırdığı halda Azərbaycanın büdcəsinin, sosial və investisiya xərclərinin artması əhalinin zəif təbəqələri üçün çox önəmlidir və biz bunu dəstəkləyirik. Hərbi xərclərin, diplomatik sahədə xərclərin artmasını da alqışlayırıq, çünki bu, ölkəmizin əsas problemi olan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində vacib addımdır.
Mən bir neçə təklif irəli sürmək istəyirəm. Bunlardan biri ali məktəblərin yataqxanaları ilə bağlıdır. Biz hamımız çox yaxşı başa düşürük, o zamanlar Ermənistanın işğalı nəticəsində qaçqın və məcburi köçkün düşmüş in-sanlarımızın yerləşdirilməsi ən vacib məsələ idi. Ona görə o vaxt bu problemlə bağlı o qədər danışa bilmirdik. Amma bu gün dövlətimizin imkanları artır, cənab Prezidentin göstərişi ilə qaçqın və məcburi köçkünlərimiz üçün çox gözəl evlər tikilir, düşərgələr salınır. Çox yaxşı olar ki, bizim ali məktəblərimizin, universitetlərimizin yataqxanalarında yaşayan məcburi köçkünlərimiz üçün də evlər tikilsin və ali məktəbə daxil olan tələbələrimizin problemləri azalsın. Kənd rayonundan olam millət vəkilləri bunu bilirlər. Bölgələrimizdən gələn gənclərimizin arasında imkansız ailələrin övladları da var və onlar çox ciddi problem yaşayır-lar. Kirayə haqqı ödəyə bilmirlər. Ona görə də bu yataqx-analar yenidən tələbələrimizin ixtiyarına verilməlidir. Ən azı gələn təhsil ilində bu problemlərin yaranmaması üçün çox yaxşı olar ki, bu proses daha sürətlə getsin.
İkinci deyəcəyim məsələ ipoteka ilə bağlıdır. Bu çox uğurlu bir layihə idi. Çox yaxşı olar ki, sosial ipotekaya ayrılan vəsaiti bir az da artıraq, çünki hərbiçilər, elm dalınca gedən gənclər, gənc ailələr üçün mənzillə təmin olunma çox önəmlidir. Onun ilkin şərtlərinin yumşaldılmasını və regionlara doğru genişləndirilməsini də nəzərə almalıyıq. Mən bu gün şəxsən Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman müəllimə çox təşəkkür edirəm. Bir neçə gün bundan əvvəl bizim qəhrəmanlıqla şəhid olan hərbi qulluqçumuz Əhməd Abdullayev mənzilini ipoteka ilə almışdı. O, şəhid olandan sonra onun xanımı iki uşağı ilə çətin problemlə üzləşmişdi. Mərkəzi Bank, dövlət tərəfindən bu öz həllini tapdı və o şəhidimizin ailəsi ipoteka verməkdən azad olundu. Dövlət bunu ödəyəcək. Gələcəkdə də torpağımız uğrunda şəhid olan, əlil olan hərbi qulluqçularımıza bu şərtlərin tətbiq olunması çox yaxşı bir hal olardı. Ümumiyyətlə, ipotekanın genişlənməsi də...
Sədrlik edən. Çox sağ olun. Valeh Ələsgərov da çıxış etmək istəyir. Buyurun, Valeh müəllim.
V. Ələsgərov. Çox sağ olun, təşəkkür edirəm. Mən yenə də öz narahatlığımı bildirirəm. Çıxışların əksəriyyətində makroiqtisadi göstəricilərdən bir söz də deyilmədi. Büdcə müzakirələrində, mənim fikrimcə, ən önəmli, ən vacib olan “dədə verib, xərcləyək” prinsipi yox, makroiqtisadi göstəricilərə nəzarət, makroiqtisadi göstəricilərin stabilliy-idir. Əgər bunlar varsa, bunlar qorunursa, çox gözəl bir büdcədir. Bunlar yoxdursa, ən gözəl büdcə sabah bu makroiqtisadi göstəricilər nəzarətdən çıxandan sonra süpürgə ilə süpürülüb yox ola bilər.
Mənim fikrimcə, hökumətin son illərdə təqdim etdiyi büdcələrin ən önəmli cəhəti ondan ibarətdir ki, birinci, hər şeyin üstündə, hər bir rəqəmin başında makroiqtisadi stabilliyi qoruyub saxlamaq, ikinci, bu makroiqtisadi göstəricilərə nəzarət dayanır. Bu, ən önəmlisidir. Bu büdcə də dediyim prinsip əsasında hazırlandığına görə, mənim fikrimcə, qəbul edilməlidir.
Neft amili haqqında. Yaxşı ki, neftimiz var. Neftimiz ol-masaydı, yəqin, büdcə müzakirəsini bir saatda bitirərdik, tamamlayardıq. Amil göydən düşməyib. Amili gətirib kimsə bu millətin qucağına qoymayıb ki?! Amil əziyyətlə, siyasətlə yaradılıb, beynəlxalq siyasi oyunlardan çıxaraq yaradılıbdır. Bu amili yaradan insanlar olubdur. Bu amil bu gün hara istifadə olunur? Əgər bu, geri, neft sənayesinə qayıtsaydı, deyilənlərlə razı olardım. Mən də o vaxt razı olaram ki, neftdən gələn paralar maaşlara, pensiyalara getsin.
Samur–Abşeron layihəsi suvarma üçün ildə 1 milyard kubmetr əlavə su deməkdir. Bakı, Sumqayıt və başqa yaşayış məntəqələrinin təmiz su ilə təmin edilməsi üçün bu layihə yaradılır. Bu həm gələcək üçündür, həm də sosial yönümlü layihədir. Sərmayə yönümlü layihə deyil. Sosial yönümlü, bir də gələcək nəsillər üçündür. 6 çayın üzərində bənd qurulacaqdır. Dağıntılardır, sellərdir, dağılan körpülərdir – bunların qarşısı alınacaq, əlavə su gələcək. Bu “para” ora gedirsə, bu həm qeyri-neft sektorunun inkişafını təmin edən, həm də gələcək nəsillərin rifah halını yaxşılaş-dıran, sağlamlığını qoruyan, inkişafını təmin edən layihədir. Bu həm də əhalinin bugünkü həyatına təsir edən bir layihədir.
Oğuz–Qəbələ–Bakı Su Kəməri layihəsi su mənbəyidir. Bura neft parası niyə getməsin? İnsanlar içməli su ilə təmin olunurlar. Gələcək də təmin olunur, qeyri-neft sektorunun inkişafı da. Bakı Beynəlxalq Dəniz Limanı tikilir, gəmiqayırma zavodu tikilir. Bu layihələr sərmayə yönümlü layihələrdir? Yox, mənim fikrimcə, sosial yönümlü, qeyri-neft sektorunun inkişafını təmin edən layihələrdir. Bu büdcə layihəsini təqdim edənlər, hazırlayanlar illər boyu bu sahədə çalışan insanlardır. Öz məsuliyyətini bilən insanlardır. Onlar vətənini, millətini sizdən, məndən az sevən insanlar deyillər. Elə olsaydı, orada oturmazdılar. Ona görə bəzi çıxışlarda bunları başqa yöndə təqdim etmək insafsızlıqdır. Belə omaz.
Bir məsələyə də toxunmaq istəyirəm. Mən tərəfdarıyam ki, böyük infrastruktur layihələrin həyata keçirilməsində neft paralarından istifadə olunsun. Çünki belə olmasa, o paraları sabah harada saxlasaq da, pulla qarın doymaz. Əhalinin, iqtisadiyyatın inkişafı, gələcəkdə qeyri-neft sektorundan büdcəyə daxilolmaların artması üçün gərək bu infrastruktur layihələr həyata keçsin. Şəmkir çayının üstündə bu gün bənd tikilir, yanında da kiçik bir elektrostansiya. 75–80 min hek-tar torpaqlar suvarma sistemi ilə təmin olunacaqdır. Minlərcə ailə əkib-becərəcək, öz yaşayışını təmin edəcəkdir. Gələcəkdə ixrac üçün məhsul istehsal edəcəklər. Bu, büdcəyə daxilolmaları artıracaq? Əlbəttə. Sosial fondlara ayırmaları azaldacaq? Əlbəttə. Mənim fikrimcə, bu layihələrə pul ayırmaq, onları inkişaf etdirmək lazımdır. Tovuz çayının üzərində böyük elektrostansiyanın tikilməsi həm suvarma, həm içməli su, həm də elektrik enerjisi deməkdir. Bu layihə elektrik enerjisi itkilərinin, qiymətli ixrac məhsulumuz neftin, qazın bu sahədə istifadəsinin azaldılmasıdır. Ona görə də bu layihəni təklif edirəm. Davamlı müzakirə etməklə bu büdcə dəyişməyəcəkdir. Bu büdcə il ərzində yüzlərcə insanın hazırladığı bir sənəddir. Bu sənəd çox təkmilləşdirilmiş şəkildə hazırlandığına görə, xa-hiş edirəm, səsə qoyaq, səs verək. Özümüzə də uğurlar arzu-layaq. Biz də bunlarla bir millətin təmsilçisiyik. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Hörmətli millət vəkilləri, büdcə hələ səsə qoyulmur. Büdcənin geniş şəkildə müzakirəsi getdi, 40 nəfər millət vəkili müzakirədə iştirak etdi. Biz onsuz da Maliyyə Nazirliyinə, hökumətə 10 gün vaxt verəcəyik ki, burada verilən tövsiyələrə baxılsın, fikirlər təkmilləşdirilsin. 10 gündən sonra biz yenidən buna baxacağıq. Əgər etiraz etmirsinizsə, Samir müəllimə söz verək, qısa bir çıxış etsin, sonra gündəliyin növbəti məsələsinə keçək. Buyurun.
S. Şərifov, Azərbaycan Respublikasının maliyyə naziri.
Çox sağ olun, hörmətli Oqtay müəllim. İlk növbədə mən bütün müzakirələrdə iştirak etmiş və öz dəyərli fikirlərini və tövsiyələrini hökumət üzvlərinə çatdırmış Milli Məclisin üzvlərinə təşəkkürümü bildirmək istərdim. Hesab edirəm ki, müzakirələr çox konstruktiv şəkildə keçmiş, bir sıra məsələlərə toxunulmuşdur. Mən onlara aydınlıq gətirmək istərdim.
İlk növbədə qeyd etmək istərdim ki, möhtərəm Prezident İl-ham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasının son illər ərzində inkişafı artıq müəyyən büdcə tarazlığına gətirib çıxarmışdır. Belə ki, ölkə Prezidentinin qeyd etdiyi kimi, artıq Azərbaycanda oturuşmuş bir büdcə mövcuddur. Sözsüz ki, 2011-ci ilin büdcəsi də artıq bu reallıqları özündə əks etdirir. Zənnimizcə, büdcənin həm gəlirlər hissəsinin, həm də xərclər hissəsinin artım templəri iqtisadi reallıqları özündə əks etdirir. Burada əsas hədəf ondan ibarətdir ki, büdcə xərclərinin artımı makroiqtisadi sabitliyi qorusun, ölkə qarşıs-ında duran əsas vəzifələrin icra edilməsini təmin etsin.
Bununla bərabər, sözsüz ki, ən vacib məsələlərdən biri xalqın maddi rifahının yaxşılaşdırılmasıdır. Bu istiqamətdə də işlər aparılır. Burada bir sıra deputatlar öz çıxışlarında qeyd etdikləri kimi, bəzi dövlətlərdə büdcələrin ixtisarına gedilir, pensiyalar azaldılır, əmək haqlarında müəyyən ixtisarlar var və sair. Bu, böhranın nəticələridir. Azərbaycanda isə 2010-cu ilin sentyabrında Prezident İlham Əliyev tərəfindən həm əmək haqları, həm də pensiyalar artırılmışdır. Hesab edirəm ki, bu, aparılan iqtisadi siyasətin məqsəd yönümlüyünün göstəricilərindən biridir. Həm sosial yönümlülüyü, həm də iqtisadi inkişafı təmin edən siyasətin aparılması üçün, sözsüz ki, büdcədə tarazlıq meyilləri gözlənilməlidir. Bu baxımdan hesab edirəm ki, 2011-ci ilin büdcəsi bu məqsədlərə cavab verir.
Digər məsələ ondan ibarətdir ki, burada büdcə təsnifatı ilə bağlı bir sıra suallar qaldırılmışdır. Suallar düzgün qaldırılır. Təkcə onu qeyd etmək istəyirəm ki, bu istiqamətdə işlər apa-rılır və hazırda büdcə təsnifatının inventarlaşdırılması başa çatdırılıb. Bunun üzərində artıq müəyyən təhlil də aparılıb. Çox güman ki, müvafiq təsnifatda dəyişikliklər baş verəcək. Amma buna baxmayaraq, burada sair xərclər məsələsini qa-bartmaq, şişirtmək və bunun ətrafında qeyri-sağlam fikir for-malaşdırmaq tamamilə yersizdir. Hörmətli millət vəkillərimiz onlara təqdim olunan büdcə zərfi ilə yaxşı tanış olsalar, onları narahat edən bütün suallara cavab tapa biləcəklər.
Burada həmin maddə – “Sair xərclər” qeyd olunur. Bu əsas bölmələrə aid edilməyən xərclərə nə daxildir? İlk növbədə bura ehtiyat fondları daxildir. Bildiyiniz kimi, “Büdcə sistemi haqqında” Qanuna uyğun olaraq bizdə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondu və Azərbaycan Respublikasının Dövlət Büdcəsinin Ehtiyat Fondu mövcuddur. Bu iki fonda üst-üstə 260 milyon manat vəsait ayrılmışdır. Digər tərəfdən, yenə də “Büdcə sistemi haqqında” Qanunda nəzərdə tutulduğu kimi, digər fondlar da var. Bunlar iki məqsədli birja fondlarıdır. Bunlardan biri “Avtomobil yolları” Məqsədli Büdcə Fondudur, digəri isə Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondudur. Bu fondlara da həmin maddə üzrə təsnifatda 270 milyon manat vəsait ayrılıb.
Digər böyük məbləğ barədə də məlumat verilmişdi. Bu həm mənim çıxışımda, həm də büdcə materiallarında var. Bu, müdafiə potensialının gücləndirilməsi ilə bağlı xərclərdir. Bu xərclərə xüsusi müdafiə təyinatlı layihələr, tədbirlər üzrə xərclər aiddir. Azərbaycan qanunvericiliyinə uyğun olaraq müdafiəyə ayrılan xərclər xüsusi məxfi xərclər hesab olunur. Ona görə tamamilə məntiqlidir ki, onlar bu-rada açıqlanmır. Hesab edirəm ki, müharibə şəraitində olan və işğala məruz qalmış ölkə üçün bu, normal bir yanaşmadır.
Digər yerdə qalan xərclər, burada qeyd olunduğu kimi, beynəlxalq fəaliyyətlə bağlı xərclərdir. Buraya həm Azərbaycanın üzvlük haqları, həm də tədbirlərin maliyyələşdirilməsi daxildir. Yenə də deyirəm, əlavə açıqlamaya ehtiyac varsa, biz bunları həyata keçirə bilərik. Amma, sözsüz ki, bütün bu məsələlər büdcədə öz əksini tap-mışdır. Burada ərzaq təhlükəsizliyi məsələsinə toxunuldu. Çıxış edən həmkarlarımız da qeyd etdilər ki, bu ilin büdcəsində kənd təsərrüfatına xeyli artımlarla vəsait ayrılmışdır. Bu istiqamətdə məqsədyönlü işlər davam etdirilir. Bildiyiniz kimi, vaxtilə “Avtolizinq” Səhmdar Cəmiyyəti yaradılmışdı. Bunlara müəyyən nizamnamə kapitalı verilmişdi ki, bundan sonra özlərini maliyyələşmə prinsipi əsasında fəaliyyət göstərsinlər. Amma buna baxmayaraq, hər il büdcədən onlara vəsait nəzərdə tutulur. Hətta ölkə Prezidentinin xüsusi sərəncamları ilə hər il onlara əlavə vəsait də ayrılır. Ona görə də hesab edirik ki, bu istiqamətdə də maliyyələşmədə hər hansı bir problem yoxdur.
Quba rayonunda yer sürüşməsi ilə bağlı məsələ qaldırılmışdı. Bu məsələ həllini tapacaq, müvafiq tədbirlər görülməkdədir. Biz burada hər hansı bir problem görmürük.
Burada adambaşına düşən təhsil xərcləri ilə bağlı məsələ qaldırıldı. Biz bu məsələ ilə bağlı əlavə məlumat verəcəyik, amma burada bir qədər anlaşılmazlıq var. Bu prosesdə hər hansı bir problem yoxdur. Söhbət yalnız ondan ibarətdir ki, kim bu təhsil haqqını ödəyir? Dövlət ödəyirsə, biz buna pul-suz təhsil deyirik, valideynlər ödəyirlərsə, bu, ödənişli təhsildir. Burada müəyyən sistem artıq mövcuddur. Adam-başına maliyyələşmə mexanizminə keçməklə bu istiqamətdə də işlər xeyli təkmilləşəcəkdir.
Digər məsələ investisiya xərcləri ilə bağlıdır. Deyirlər ki, bunlar təqdim olunmur. Bu da düzgün deyil, çünki bu barədə ətraflı məlumat təqdim olunur. “Büdcə sistemi haqqında” Qanunda göstərilib ki, mühüm layihələr göstərilməklə əsas investisiya layihələri barədə məlumat verilsin. Bu istiqamətlər də büdcə zərfinə daxil edilib. Burada heç bir sirr yoxdur. Hazırda İqtisadi İnkişaf Nazirliyi ilə birlikdə bizim veb səhifələrimizdə müvafiq məlumatların açıq şəkildə təqdim olunması üzərində işlər gedir. Bu, təkcə millət vəkillərinə deyil, bütün xalqa açıq şəkildə təqdim olunacaq. Bu xərclər barədə qeyri-sağlam söz-söhbətə ehtiyac yoxdur.
Yataqxanaların tikilməsi və sosial ipoteka məsələlərinə tox-unuldu. Sosial ipoteka üzərində işlər gedir, yəqin ki, artırmaq lazımdır. Mən yenə də deyirəm, büdcənin bir çox xərcləri var. Ona görə də sosial ipotekaya imkan daxilində vəsait ayrılır. Ali təhsil müəssisələri üçün yataqxana tikintisi məsələsinə baxmaq lazımdır. Sözsüz ki, bu bizim məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı məsələdir, buna diqqət yetiriləcəkdir.
Sonda mən bütün millət vəkillərinə öz minnətdarlığımı bildirmək istərdim. Bir sıra millət vəkilləri deputatlıqlarını davam etdirmək arzusundadırlar. Mən bu deputatlara seçki kampaniyasında uğurlar arzulamaq istəyirəm. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun, Samir müəllim. İqtisadi ink-işaf naziri Şahin Mustafayevə söz verilir.
Ş. Mustafayev, Azərbaycan Respublikasının iqtisadi ink-işaf naziri.
Təşəkkür edirəm, cənab Sədr. Mən də öz növbəmdə müzakirələrdə səmərəli iştiraklarına görə hörmətli millət vəkillərinə təşəkkür edirəm və qaldırılan konstruktiv məsələlər haqqında öz fikirlərimi bildirmək, bəzi sualları cavablandırmaq istəyirəm.
Hörmətli Yevda Abramov dedi ki, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən daha çox regionlara vəsait ayrılsın. Sahibkarlığa Kömək Milli Fondu Azərbaycan Respublikası-nın Prezidenti tərəfindən müəyyən edilmiş sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq hazırlanmış xüsusi pro-qramlar əsasında fəaliyyət göstərir. Onun məqsədi, əsasən, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkiş-afına təkan verməkdən ibarətdir. Rəqəmlərlə demək istəyirəm ki, ayrılmış vəsaitin 99,8 faizi regionların payına düşmüşdür. Bu, ilin 8 ayının məlumatlarıdır. Eyni zamanda, bu tendensiya keçən illərdə də müşahidə olunmuşdur.
İqtisadi İnkişaf Nazirliyi tərəfindən nəinki regionların, hər bir rayonun iqtisadi potensialı, ehtiyacları dərindən öyrənilir, prioritet istiqamətləri müəyyən olunur. Xüsusi müsabiqələr vasitəsilə həcmli kreditlərin maliyyələşdirilməsi üçün xüsusi prosedur aparırıq. Həmin rayonların prioritet istiqamətləri üzrə keçirilmiş müsabiqələr əsasında maliyyələşdirmə baş verir. Kiçik kreditləri sahibkarların özlərinin istəyi ilə həyata keçiririk və bu il ilk dəfə olaraq hər bir rayonda bu tədbirlər keçiriləcəkdir. Proqrama uyğun olaraq bütün tədbirləri həyata keçirmişik və ilin sonunadək Azərbaycanın hər bir rayonunda Sahibkarlığa Kömək Milli Fondu tərəfindən tədbirlər həyata keçiriləcəkdir. Eyni zamanda, rayonlarda sahibkarlar üçün maarifləndirmə, tədris prosesləri təşkil olunur, biznes planının tətbiqinə, daha səmərəli layihələrin seçilməsinə müvafiq dəstək verilir. Respublika üzrə yaranan ehtiyaclar, prioritet istiqamətlər müəyyən olunur və onlar xüsusi proqramlar əsasında maliyyələşdirilir.
Mən bir daha qeyd etmək istəyirəm ki, keçən illərdə cənab Prezidentin tapşırığına əsasən infrastruktur sahələrin, xüsusilə taxıl anbarlarının, soyuducu anbarların, saxlama kameralarının vəziyyəti öyrənildi. Cənab Prezidentin müvafiq tapşırığına əsasən aparılmış təhlil nəticəsində müəyyən edilmiş layihələrin maliyyələşdirilməsinə ba-şlanıldı. Bu gün biz deyə bilərik ki, artıq Azərbaycanda taxıl anbarlarına ehtiyac yoxdur. 266 min tonluq 16 layihə, Dövlət Taxıl Fondu tərəfindən isə 160 min tonluq 2 layihə maliyyələşdirilir. Bu, mövcud olan layihələrlə birlikdə Azərbaycanın bütün tələbatını ödəyir. Eyni zamanda, soyuducu anbarlara olan tələbatı ödəmək üçün 70 min ton həcmində 23 layihə maliyyələşdirilir. Əgər xatırlayırsınızsa, keçən il, xüsusilə şimal rayonlarında bu problem çox ciddi idi və meyvələri saxlamaq üçün yer yox idi. Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına iki zavodda yenidənqurma işləri aparıldı və onlar artıq fəaliyyət göstərirlər. Eyni zamanda, 23 anbardan səkkizi şimal rayonlarında maliyyələşdirilib və bu gün qarşımızda heç bir problem dayanmır.
Eyni zamanda, təhlillər nəticəsində müəyyən edildi ki, Azərbaycana ən çox idxal olunan quş əti və damazlıq yumurtaya tələbat mövcuddur. Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına müvafiq layihələr seçildi, maliyyələşdirildi. Biz 2012-ci ildən artıq bu sahə üzrə tələbatı tamamilə daxili istehsal hesabına ödəmək niyyətindəyik. Eyni qaydada müxtəlif emal müəssisələrinə, xüsusilə kiçik emallı müəssisələrə diqqət yetirilir. Bir sözlə, ölkədə və regionlarda tələbat öyrənilir. Bu məsələlər təsadüfi həll olunmur, çox düşünülmüş proqramlar vasitəsilə həyata keçirilir və hesab edirik ki, ölkədə sahibkarlığın ink-işafına çox ciddi dəstək verilir.
İkinci sual hörmətli Arif Rəhimzadə tərəfindən verildi. Bu sual Neftçala magistral kanalının tikintisinə ayrılan vəsaitlə əlaqədar idi. Bu, iri layihədir. Layihənin dəyəri təxminən 55 milyon manatdır. 2006-cı ildən başlayaraq hər il bu layihəyə dövlət büdcəsindən vəsait ayrılır. Bu layihəyə biz, doğrudan da, çox ciddi əhəmiyyət veririk. Bu baxımdan artıq beynəlxalq maliyyə qurumları ilə də bəzi danışıqlara ba-şlamışıq və daha çox vəsait ayrılması, layihənin vaxtında həyata keçirilməsi istiqamətində işlər aparılır. Doğrudan da, bu layihə cənub regionunun inkişafı baxımından çox böyük əhəmiyyət daşıyır.
Növbəti sual hörmətli Sabir Rüstəmxanlı tərəfindən səsləndirildi. Bu sual ölkədəki kitabxanaların vəziyyəti ilə bağlı idi. Bildirmək istəyirəm ki, “Azərbaycan Respublikasında kitabxana informasiya sahəsinin 2008–2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı” möhtərəm cənab Prezidentimiz tərəfindən 2008-ci ildə müvafiq sərəncamla təsdiq edilmişdir. Bu proqramın əsas məqsədi “Kitabxana işi haqqında” Qanuna uyğun olaraq ölkədə tarixi-mədəni, ədəbi-bədii, elmi-fəlsəfi sərvətlərin toplanmasını, mühafizəsini və onlardan istifadə imkanının artırılmasını təmin etməkdən ibarətdir. Eyni zamanda, kitabxana sisteminin müasir səviyyəyə qaldırılması, yeni texnologiyaların tətbiqi və istifadəsi nəticəsində müasir kitabxana informasiya infrastrukturunun yaradılması məqsədlərin əsaslarıdır. Bu proqramın icrasını təmin etmək üçün 2008-ci ildən etibarən hər il dövlət büdcəsindən vəsait ayrılır və bu işlər gedir. Misal üçün, 2008-ci ildə 853 min manat, 2009-cu ildə 938 min manat, 2010-cu ildə 944 min manat vəsait ayrılmışdır. Bildirmək istəyirəm ki, proqramın icrası istiqamətində zəruri tədbirlər həyata keçirilir və heç şübhəsiz ki, proqramın icrası vaxtında təmin olunacaqdır. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Hörmətli millət vəkilləri, biz çalışırıq ki, sizin xahişinizi nəzərə alaraq bu gün gündəliyi tamamlayaq. Ona görə gündəliyin növbəti məsələsinə keçirik. Xahiş edirəm, bir az konkret olaq.
Gündəliyin növbəti məsələsi Dövlət Sosial Müdafiə Fondunun 2011-ci il büdcəsi haqqındadır. Buyurun, Hadi Rəcəbli.
H. Rəcəbli, Milli Məclisin Sosial siyasət komitəsinin sədri.
Dəyərli hökumət üzvləri, hörmətli deputat həmkarlarım! Dünya parlamentarizmi ənənələrinə görə hər yerdə payız sessiyaları büdcə məsələlərinə həsr olunur və ölkələrin qarşıdakı il üçün ali maliyyə qanunları qəbul olunur. Azərbaycan üçün budəfəki müzakirələr daha əhəmiyyətli, daha önəmli, daha taleyüklüdür. Xalqımız Milli Məclisə, ali qanunvericilik orqanına seçkilər ərəfəsini yaşayır. Parlament ikinci minilliyin ikinci onilliyinin birinci ilinin büdcə paketinə baxır, sosial-iqtisadi göstəricilərini çözür, ölkəmizin “güclü dövlət, yüksək rifah” devizi altında yaşayıb-işlədiyini bir daha təsdiq edir.
Hələ bu gün də geri çəkilməyən qlobal maliyyə böhran-ının böyüklü-kiçikli bütün ölkələrdə tüğyan etməsinə, özünü sosial-iqtisadi tənəzzüldə göstərməsinə baxmayaraq, Azərbaycanın sosial həyatında, xalqla bağlı bütün məsələlərində, demək olar ki, bu bəla hiss olunmur. Dün-yada, xüsusən də Avropada, Şərqi Avropa ölkələrinin hamıs-ında, Yunanıstanda, möhtəşəm dövlətlərdən biri olan Fran-sada populist sosial siyasətin süqutu, sosial müdafiədə və təminatda xərclərin dondurulması, ixtisarı, işsizlik, pensiya ödənişlərinin azalması və digər ciddi problemlərin yaran-ması hər birimizi düşünməyə vadar edir. 10 günə yaxındır ki, komitə və parlament iclaslarındakı debatlar əksinə, Azərbaycanda makroiqtisadi sabitliyin qorunması istiqamətində möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı ardıcıl siyasətin uğurlarını bir daha bariz şəkildə sübut edir.
Artıq neçə ildir ki, Azərbaycanda əhalinin sosial müdafiəsi və sosial təminatı sistemində köklü islahatlar apa-rılır. Sığortanın həmrəylik prinsipindən fərdi uçot qay-dalarına keçməsi, sığorta sisteminin müavinətlər sistemindən tamamilə ayrılması, ödənişlərin bankomatlar vasitəsilə əhaliyə çatdırılması, sistemin mərkəzi kompüter qovşağı ilə idarə olunması və digər yeniliklər bizi dünyaya inteqrasiya etdirir, görülən işlər həm Avropa dəyərlərinə, həm də modernləşən Azərbaycan reallıqlarına cavab verir.
Hörmətli deputat həmkarlarım, sizə paylanan layihədə gələn il üçün Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin mədaxil hissəsi 1 milyard 970 milyon 540 min manat, məxaric hissəsi də bu qədər müəyyənləşdirilmişdir. Bu rəqəm 2010-cu ilin göstəricisinə görə təxminən 12,1 faiz çoxdur. Büdcənin mədaxil hissəsi, əsasən, məcburi sığorta yığımları hesabına formalaşdırılır. Sevindirici haldır ki, bu yığımın sahibkarlıq fəaliyyəti ilə məşğul olan təkcə fiziki şəxslərdən ibarət hissəsi son 3 ildə olduğu kimi, yenə də iki dəfə artaraq gələn ilə 33 milyon manata çatdırılmışdır.
2011-ci ildə Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin 65 faizinin və ya 1 milyard 277 milyon 40 min manatının sosial sığorta yığımları hesabına təmin ediləcəyi pro-qnozlaşdırılır. Bu rəqəm ötən ilin müvafiq göstəricisindən 56 milyon manat çoxdur. Onu da vurğulamağı vacib hesab edirəm ki, sosial sığorta haqları üzrə daxilolmaların 705 mi-lyon 500 min manatı qeyri-büdcə təşkilatlarının payına düşür. Bu, əvvəlki illərdə olduğundan xeyli çoxdur.
Dövlət büdcəsindən ayırmalar 2011-ci ildə 691 milyon manat, ötən illə müqayisədə 157 milyon 300 min manat çoxdur ki, bu da transformasiya prosesləri yaşayan ölkələr üçün xarakterik göstəricidir. Əgər nəzərə alsaq ki, pensiya-ların baza hissəsi, yəni minimum həddi bilavasitə möhtərəm Prezidentimizin sərəncamları ilə artırılır, onda ölkə büdcəsindən bu məqsədlər üçün ayırmaların nə qədər vacib olduğu bir daha aydın görünür. Bu addım möhtərəm Prezi-dentimiz İlham Əliyev şəxsiyyətinin insanlara qayğı və diqqətinin bir daha əyani nümunəsi kimi qiymətləndirilməlidir.
2011-ci ildə cəmi ödənişlərin 96,6 faizini bilavasitə əmək pensiyaları təşkil edəcəkdir. 64 milyon 600 manat isə müavinətlərin payına düşür. Mən rəqəmlərlə deputat həmkarlarımı yormaq istəmirəm, ona görə ki, bu rəqəmlər haqqında hörmətli Səlim müəllim məlumat verəcək. Amma bir rəqəmi göstərməyi məqsədəmüvafiq hesab edirəm. Ümumilikdə əmək pensiyalarının orta aylıq məbləği gələn il 118 manat təşkil edəcəkdir ki, bu da cari ilin orta aylıq pensiya məbləğindən 14 manat və ya 13,4 faiz yuxarıdır.
Hörmətli deputat həmkarlarım, onu da xüsusi vurğulam-ağı özümə borc bilirəm ki, Milli Məclisin komitə, plenar iclaslarında Dövlət Sosial Müdafiə Fondu ilə bağlı səslənən mülahizələr, fikirlər bu orqanın əməkdaşları, onun rəhbərliyi tərəfindən anlayışla qarşılanır və qaldırılan problemlər zaman-zaman öz müsbət həllini tapır. Bu da son nəticədə əhalinin sosial cəhətdən zəif qorunan hissəsinin, pensiya-çıların mənafeyinin yaxşılaşdırılmasına xidmət edir. Ən ba-şlıcası isə pensiyaların hesablanması və digər maliyyə əməliyyatları vahid metodoloji yanaşma ilə öz həllini tapır. Ödənişlər vaxtında yerlərə çatdırılır, sistemdə aşkarlığın, şəffaflığın təmin olunması üçün konkret addımlar atılır.
Bütün görülən müsbət dəyişikliklərin parlaq nəticəsi olaraq bir fikri sizə çatdırmağı özümə borc bilirəm. Son 5 ildə komitəyə pensiyalar və sosial sığorta sistemi ilə bağlı vətəndaş şikayətlərinin orta hesabla sayı 2,3 dəfə azalmışdır. Bu rəqəm özü burada görülən işlər haqqında bizim hər birimizi məlumatlandırır. Milli Məclisə möhtərəm Preziden-timiz cənab İlham Əliyev tərəfindən təqdim edilmiş büdcə zərfində Dövlət Sosial Müdafiə Fondunun büdcəsi xüsusi əhəmiyyət və mahiyyət kəsb edir. Belə ki, bu layihə əhalinin milyon yarıma qədər hissəsinin bilavasitə qayğı və istəklərinin indi və gələcəkdə həllinə yönəlmiş bir sənəddir. Odur ki, sizi bu qanun layihəsinin müzakirəsində fəal iştirak etməyə çağırıram və layihəyə səs verməyə dəvət edirəm. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Çox sağ olun. Mən hesab edirəm ki, vaxt az qalsa da, biz Dövlət Sosial Müdafiə Fondunun sədrinin çıxışına qulaq asa bilərik. Buyurun, Səlim müəllim. Səlim müəllim, fasiləyə 5 dəqiqə qalmasına baxmayın, Siz davam edin.
S. Müslümov, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, xanımlar və cənablar! Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla reallaşdırılan makroiqtisadi stabil-lik və iqtisadiyyatın dinamik inkişafı siyasəti ölkə vətəndaşlarının rifahının nəzərəçarpacaq dərəcədə yüksəldilməsini təmin etməklə yanaşı, sosial yönümlü bazar iqtisadiyyatının formalaşması ilə bağlı əhalinin bütün təbəqələrinin həyat səviyyəsinin yaxşılaşdırılması üçün mümkün zəruri tədbirləri gerçəkləşdirməkdədir.
Qlobal maliyyə böhranının davam etdiyi əksər ölkələrdə sosial göstəricilərin aşağı düşdüyü bir şəraitdə 2010-cu ilin yanvar-avqust aylarında ölkəmizdə əhalinin pul gəlirləri keçən ilin müvafiq dövrünə nisbətən 10,2 faiz, adambaşına düşən gəlirləri 9,8 faiz, bir işçiyə hesablanmış orta aylıq əmək haqqı 5,7 faiz, əmək pensiyasının orta aylıq məbləği isə 11,1 faiz artmışdır.
Cari ilin 9 ayında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 1 milyard 275 milyon manat, o cümlədən sosial sı-ğorta haqları 777 milyon manat, dövlət büdcəsinin transferti 497 milyon manat, sair gəlirlər 1,3 milyon manat təşkil et-mişdir. 2010-cu ilin 9 ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun xərcləri 1 milyard 267 milyon manat olmuşdur ki, bu da 2009-cu ilin müvafiq dövrünə nisbətən 4,8 faiz çox-dur.
Dövlət Sosial Müdafiə Fondunun 2011-ci il üçün büdcə layihəsi tərtib edilərkən Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 30 dekabr tarixli sərəncamı ilə təsdiq edilmiş “2009–2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı” ilə müəyyən olunmuş əsas məqsəd və vəzifələr, eləcə də ölkə iqtisadiyyatının başlıca inkişaf meyilləri və proqnozları, həmçinin Dövlət Sosial Müdafiə Fondunun 2010-cu il büdcəsinin icrası üzrə gözlənilən nəticələr, ölkənin demoqrafik inkişaf meyilləri, sığorta-pensiya siyasətində baş vermiş və nəzərdə tutulan dəyişikliklər əsas götürülmüşdür.
Diqqətinizə təqdim olunan Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2011-ci il büdcəsi haqqında qanun layihəsi gəlir və xərcləri balanslaşdırılmış büdcəni nəzərdə tutur. Burada gəlir və xərclərin 1 milyard 970 milyon 540 min manat təşkil edəcəyi proqnozlaşdırılır ki, bu da cari ilin büdcəsinə nisbətən 12,1 faiz və ya 213,3 milyon manat çoxdur.
Sosial büdcənin xərclərinin tam icrası mütləq xarakter daşıdığından fondun büdcəsinin layihəsinə onun xərc hissəsinin müzakirəsindən başlamaq məqsədəuyğundur. Əhaliyə ödənişlər bütün xərclərin 97,3 faizi qədər, yəni 1 milyard 917,7 milyon manat təşkil edəcəkdir. Əhaliyə ödənişlərin mütləq həcmi 2010-cu ilin büdcəsinə nisbətən 229,4 milyon manat və ya 13,6 faiz artacaq, həm də bu ödənişlərin bütün xərclərdəki xüsusi çəkisi 1,2 faiz yüksələcəkdir ki, bu da əhaliyə ödənişlərin həcminin artım sürətinin büdcənin bütün xərclərinin artım sürətini üstələməsinin nəticəsidir. Bu proporsionallıq 2011-ci ilin büdcə layihəsində sığorta prinsiplərinə əsaslanmayan və ötən il Milli Məclisdə büdcə müzakirələri zamanı səsləndirilən bir sıra xərclərin, başqa sözlə, məşğulluq tədbirləri və məşğulluq orqanlarının saxlanması xərclərinin, əlillərin sosial müdafiəsi üzrə xərclərin nəzərdə tutulmaması və dövlət büdcəsinin tərkibinə keçirilməsi, eyni zamanda, digər xərclərin 1,9 milyon manat azaldılması hesabına təmin edilmişdir.
Əhaliyə ödənişlərin 1 milyard 853 milyon manatını və ya 96,6 faizini pensiya xərcləri, 64,6 milyon manatını və ya 3,4 faizini isə müavinət xərcləri təşkil edir. Pensiya xərcləri 2010-cu ilin təsdiq olunmuş büdcəsinə nisbətən 13,4 faiz və ya 190,6 milyon manat çox proqnozlaşdırılır. Müavinət xərcləri isə 10,2 milyon manat və ya 18,7 faiz artacaqdır. Pensiya xərclərinin 71 faizini və ya 1 milyard 317 milyon manatlıq pensiyaların baza hissəsinin 29 faizini və ya 536 milyon manatını isə sığorta hissəsinin ödənişi üzrə xərclər təşkil edəcəkdir. Pensiyaların baza hissəsi və xərclər cari ilə nisbətən 178 milyon manat, sığorta hissəsi üzrə xərclər isə 41 milyon manat artacaqdır. Baza hissəsinin artımının sı-ğorta hissəsinin artımını üstələməsi ümumi pensiya xərclərində baza hissəsinin xüsusi çəkisinin 1,3 faiz bəndi artmasına səbəb olacaq. Fikrimizcə, bu, müvəqqəti haldır və istehlak qiymətləri indeksinin, eləcə də əmək haqlarının ar-tım templərinin proqnozlaşdırıldığına nisbətən aşağı olması ilə bağlıdır.
Pensiyaların baza hissəsinin hesablanması zamanı aşağıdakı parametrlər əsas götürülmüşdür. 2011-ci ildə əmək pensiyaçılarının sayının dəyişməyəcəyi, yəni sistemdən çıxan və sistemə daxil olan şəxslərin sayının təqribən bərabər olacağı və pensiyaçıların orta illik sayının 1 milyon 308 min nəfər təşkil edəcəyi nəzərdə tutulur. Bu şəxslərdən 1 milyon 168 min nəfərinin pensiyasının baza hissəsi 100 faiz, 15 min 900 nəfərinki 120 faiz, 7 min 650 nəfərinki 200 faiz, 28 min 860 min nəfərinki 55 faiz, 87 min 860 nəfərinki isə 50 faizlə ödəniləcəkdir. Göründüyü kimi, bu şəxslərə əmək pensiyalarının baza hissəsi şəklində cəmi 1 milyard 286 milyon manat ödəniləcəkdir. Lakin bundan başqa, “Əmək pensiyaları haqqında” Qanunun 19-cu maddəsinə uyğun olaraq bir sıra kateqoriya pensiyaçıların, yəni həlak olmuş və ya sonradan vəfat etmiş Azərbaycanın Milli Qəhrəmanlarının ailə üzvlərinə, şəhid ailəsi üzvlərinə və sairə pensiyaların baza hissəsinə 5 faizdən 200 faizə qədər əlavələrin ödənilməsinə 31 milyon manat vəsait sərf olunacaq.
Pensiyaların sığorta hissəsinin 41 milyon manat artımının 16 milyon manatı 2010-cu ilin 5 faizlik inflyasiya səviyyəsinə uyğun olaraq indeksasiyanın aparılması ilə bağlı nəzərdə tutu-lursa, qalan 25 milyon manatı yeni təyin olunacaq pensiya məbləğləri ilə sistemdən çıxacaq pensiya məbləğləri arasındakı fərqlə bağlıdır. 2011-ci ildə sistemə yaşa görə pensiyaçı kimi 1953-cü ildə doğulmuş 10,3 min nəfər qadının və 1948-ci ildə doğulmuş 11,1 min nəfər kişinin, əlilliyə görə 17,8 min nəfərin, ailə başçısını itirən kimi isə 7,9 min nəfərin daxil ola-cağı, sistemdən isə 32 min nəfərin yaşa görə, 7,1 min nəfərin əlilliyə görə, 8 min nəfərin isə ailə başçısını itirən kimi çıx-acağı nəzərdə tutulur. Göründüyü kimi, sistemə girən və çıx-anların sayının 47 min nəfər təşkil edəcəyi proqnozlaşdırılır ki, onların da pensiyalarının sığorta hissəsi arasındakı fərq 44 manat təşkil edir. Ümumilikdə əmək pensiyalarının orta aylıq məbləği növbəti ildə 118 manat nəzərdə tutulur ki, bu da cari və təsdiq olunmuş büdcə ilə nəzərdə tutulmuş orta aylıq pen-siya məbləğindən 14 manat və ya 13,4 faiz yuxarıdır.
2011-ci ildə məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərin proqnozu 64,5 milyon manat məbləğində nəzərdə tutulur. Müavinətlər üzrə xərclərin artımının 43 faizi və ya 4,35 milyon manatı işsizlik müavinətinin məşğulluq tədbirlərindən çıxarılaraq sosial sığorta haqları hesabına verilən müavinətlər sətrinə əlavə edilməsi, 57 faizi isə qazancın məbləğindən asılı olaraq təyin olunan müavinətlər üzrə əmək haqqının artımı ilə bağlıdır. 2011-ci ildə əmək qabiliyyətinə görə müavinət alanların sayının 80 min nəfərə yaxın, bir nəfərə düşən əmək qabiliyyətinin müvəqqəti itirilməsi günləri sayının təqribən 18 gün olacağı, orta gündəlik müavinətin məbləğinin isə 2010-cu ilə nisbətən orta aylıq əmək haqqının artımı səviyyəsində artaraq 15 manat təşkil edəcəyi proqnozlaşdırılır. Bu göstəricilər nəzərə alınmaqla 2011-ci ildə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət üzrə xərclər 21,2 milyon manat təşkil edəcəkdir.
Növbəti ildə hamiləliyə və doğuma görə müavinət alanların sayının 30 min nəfərə yaxın, orta gündəlik müavinət məbləğinin isə 5,7 manat təşkil edəcəyi nəzərdə tutulur. Bir qadına düşən hamiləliyə və doğuma görə məzuniyyət günlərinin sayı 126 gün müəyyən edildiyindən 2011-ci ilə bu müavinət üzrə xərclər 21,35 milyon manat təşkil edəcəkdir. 2011-ci ildə ölkədə doğulacaq uşaqlardan 30 min nəfərinin sığortalananların payına düşəcəyini və uşağın anadan olmasına görə birdəfəlik müavinətin məbləğinin 75 manat olacağını nəzərdə tutaraq, növbəti ildə bu müavinət üzrə 2,25 milyon manat vəsait büdcəyə qoyulmuşdur. 2011-ci ildə 25,4 min qadının, o cümlədən 16,5 min qadının uşaq 1,5 yaşına çatana qədər, 8,9 min nəfər qadının isə uşaq 3 yaşına çatana qədər uşağa qulluqla əlaqədar məzuniyyətdə olacağı proqnozlaşdırılır. Bu müavinət üzrə xərclər müavinətin aylıq təsdiq olunmuş məbləği nəzərə alınmaqla 5 milyon manat nəzərdə tutulur.
Əvvəlki 5 ilin orta statistik göstəriciləri əsasında 2011-ci ildə təqribən 39 min nəfər pensiyaçının və 3,5 min nəfər sı-ğortaolunanın sığorta-pensiya sistemini tərk edəcəyi və yaşa görə əmək pensiyasının baza hissəsinin 85 manat olacağı, həmçinin qanunvericiliklə pensiyaçılara bu məbləğin 3 misli miqdarında dəfn müavinəti müəyyən edildiyi nəzərə alınaraq pensiyaçılar üzrə dəfn müavinəti 10 milyon manat, sığorta olunanlar üzrə isə 0,4 milyon manat nəzərdə tutulmuşdur.
İşsizlik müavinəti alanların sayının 5,2 min nəfər olacağı, onların 2,4 min nəfərinin minimum məbləğdə, 2,8 min nəfərinin isə qazanca görə müavinət alacağı proqnozlaşdırılır. Qazanca görə orta aylıq müavinətin məbləği 200 manat həcmində nəzərdə tutulur ki, bunun əsasında da işsizlik müavinəti 4,4 milyon manat həcmində müəyyənləşdirilmişdir.
Büdcə layihəsindəki digər xərclər içərisində pensiya və müavinətlərin əhaliyə çatdırılması üçün nəzərdə tutulan 16,5 milyon manatı, sığorta olunanların sanatoriya, kurort müalicəsi və sağlamlıq tədbirləri üçün yönəldiləcək 13,1 milyon manatı və fondun orqanlarının saxlanması üçün ayrılan 21 milyon manatı qeyd etmək istərdim. Ümumilikdə digər xərclərin məbləği büdcə layihəsində 52,7 milyon manat nəzərdə tutulur ki, bu da 2010-cu ilin büdcəsinə nisbətən 16,1 milyon manat və ya 23,4 faiz azdır. Bu, məşğulluq və əlillərin sosial müdafiəsi tədbirlərinin və bu orqanların saxlanması xərclərinin fondun büdcəsindən çıxarılması və digər xərclərin azaldılması hesabına baş vermişdir. Belə ki, növbəti ildə Dünya Bankı ilə gerçəkləşdirilən Sosial müdafiənin inkişafı layihəsi üçün Azərbaycan tərəfinin payı builki 1 milyon 620 min manatdan 400 min manata qədər endirilmişdir. Fondun orqanlarının saxlanması xərcləri bütün xərclərin cəmi 1,06 faizini təşkil edir ki, bu da sosial fondlar üzrə ən aşağı göstəricilərdən biri sayılır.
Hörmətli millət vəkilləri, təbiidir ki, büdcə layihəsinin xərc hissəsinin gerçəkləşdirilməsi onun gəlirlərinin necə formalaşdırılmasından bilavasitə asılıdır. Fondun gəlirlərinin növbəti ildə cari ilə nisbətən 184,5 milyon manat və ya 12,1 faiz artacağı nəzərdə tutulur ki, bunun da 158 milyon manatının transfert məbləğinin, 27 milyon manatının isə sosial sığorta haqlarının artması hesabına baş verəcəyi pro-qnozlaşdırılır.
Lakin burada bir məsələni də xüsusi olaraq qeyd etmək lazımdır ki, cari ildə fondun büdcəsinin sosial sığorta haqları üzrə gəlirlərinin gözlənilən icrası onun təsdiq edilmiş səviyyəsinə nisbətən təqribən 50 milyon manat aşağı olacaqdır ki, bu da əmək haqlarının orta aylıq məbləğinin və iqtisadiy-yatda muzdla çalışanların sayının proqnozlaşdırılan artımının baş verməməsi ilə bağlıdır. Belə ki, büdcə proqnozlaşdırılan zaman bu artımlar 16,9 faizə 12 min nəfər nəzərdə tutulsa da, 8 ayın statistik nəticələri bunun müvafiq olaraq 5,7 faiz və mənfi 17,7 min nəfər olduğunu göstərir. Yəni ilin sonuna bu göstəricilərin formalaşma səviyyəsinə görə qeyri-büdcə sekto-rundan təqribən 645 milyon manat sosial sığorta haqqının daxil olacağı proqnozlaşdırılır. Başqa sözlə, məcburi dövlət sosial sığorta haqları üzrə cari ilin sonuna gözlənilən məbləğə nisbətən növbəti ildə artımın 60 milyon manat və ya təqribən 9,5 faiz təşkil edəcəyi nəzərdə tutulur ki, bu da təqribən 2011-ci ildə ölkə üzrə Əmək Haqqı Fondunun artımına adekvatdır.
Ümumilikdə 2011-ci ildə muzdla işləyənlərin orta sayının 1 milyon 360 min nəfər, orta aylıq əmək haqqının isə 360 manat təşkil edəcəyi, bunun hesabına yaranacaq 5 milyard 830 milyon manat Əmək Haqqı Fondunun 5 milyard 100 milyon manatlıq hissəsinin sosial sığortaya cəlb olunacağı, 25 faizli tarif dərəcəsinin dəyişməyəcəyi və yığım əmsalının 98 faiz təşkil edəcəyi nəzərə alınaraq 2011-ci ildə 1 milyard 245 milyon manat sosial sığorta haqqının, sair gəlirlərdən isə 2,5 milyon manatın daxil olacağı nəzərdə tutulur. Beləliklə, bütün gəlirlərin 65 faizinin və ya 1 milyard 277 milyon manatının fonddan özünəməxsus vəsaitlər hesabına formala-şacağı, qalan 691 milyon manatının isə dövlət büdcəsindən verilən transfertdən ibarət olacağı nəzərdə tutulur. Əlbəttə, transfertin xüsusi çəkisinin 2010-cu ildəki 33 faizdən növbəti ildə 35 faizə qalxması diqqəti cəlb edir. Amma nəzərə almaq lazımdır ki, 2011-ci ildə fondun xərclərinin əhaliyə ödənişlər hissəsinin artım sürəti 12,5 faiz orta aylıq əmək haqqının artım sürətini 2 faiz üstələyəcəkdir. Açığı, kompensasiya etmək üçün transfertin məbləği artırılmalı idi və hökumət pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsini təmin etmək məqsədi ilə bu addımı atmış-dır.
Hazırda Dövlət Sosial Müdafiə Fondunda yaxın 15 ilə və sonrakı 25 ilə sığorta-pensiya sisteminin inkişafının aktual hesablamalar əsasında müvafiq modelləri üzərində ciddi iş gedir və bu prosesə bir sıra tanınmış beynəlxalq aktuarilər cəlb olunmuşdur. İlkin hesablamalar göstərir ki, yaxın bir neçə il ərzində əvəzetmə əmsalının, yəni orta aylıq pensiya məbləğinin orta aylıq əmək haqqına nisbətinin əmək haqqının normal artımı şəraitində sabit saxlanması üçün, – bu gün bu, 34 faiz təşkil edir, – qeydiyyatda olan muzdla işləyənlərin, sığorta olunanların pensiyaçılara nisbətini artırmaq indiki iqtisadi durumda imkansız görünür. Pensiyaçıların sayının azalması da baş verməyəcək. Əksinə, bu say tədricən artacaqdır, çünki sistemə 1948–1963-cü illərdə, yəni məşhur Bebi-Bum dövründə doğulanlar daxil olacaqdır. Deməli, həmin nisbətin saxlanması üçün iki yol qalır. Ya qonşu dövlətlərdə olduğu kimi, məcburi dövlət sosial sığorta tarifi ciddi şəkildə qaldırılmalı, ya da əlavə mənbələrin, yəni dövlət büdcəsindən transfertin məbləği artırılmalıdır. Hazırda Azərbaycan hökuməti ikinci yola üstünlük verir. Yəni biznesin əlavə yüklənməsini hələlik məqbul saymır.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, təbiidir ki, iqtisadi proseslərin hazırkı kontekstində əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin uğurla icra edilməsi, pensiya və müavinətlərin tədricən ar-tırılması və vaxtında maliyyələşdirilməsi hökumətin ən vacib məsələlərindən biridir. Məhz bu vəzifələrin prioritet olaraq yerinə yetirilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gerçəkləşdirdiyi sosial-iqtisadi siyasətin zəruri həlqəsidir. Bu gün diqqətinizə təqdim etdiyimiz Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2011-ci il üçün büdcə layihəsi də həmin həlqənin reallaşdırılmasının daha bir mərhələsidir. Bütün bunları nəzərə alaraq, həmin layihəyə səs verməyinizi sizdən xahiş edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, Səlim müəllim. Tənəffüsdən sonra müzakirələrə başlayacağıq. Mən indidən təklif edirəm ki, reqlament beş dəqiqə olsun. Tənəffüs elan edirik, çox sağ olun.

(FASİLƏDƏN  SONRA)

Sədrlik edən. Müzakirələrə başlayırıq. Xahiş edirəm, çıxış üçün yazılın. Musa Quliyev buyursun.
M. Quliyev. Çox sağ olun, hörmətli cənab Sədr. Mənim Dövlət Sosial Müdafiə Fondunun büdcəsi ilə bağlı çox geniş çıxış etmək fikrim yoxdur, komitədə də müzakirə olunubdur, bəyənilibdir. Dövlət Sosial Müdafiə Fondunun 2011-ci il büdcəsinin həm xərc, həm də gəlir hissəsi tam reallığa uy-ğun olaraq hazırlanıb. Büdcə qanunvericiliyinin tələblərinə tamam cavab verir və 2009–2015-ci illərdə Azərbaycan Re-spublikasında sosial sığorta sisteminin inkişafına dair dövlət proqramının həyata keçirilməsinin hədəflərinə xidmət edən bir büdcə layihəsidir.
Mənim söz almaqda məqsədim bu büdcənin xərc hissəsindəki bir bənd ilə bağlı məsələ qaldırmaq və bunu həm hörmətli millət vəkillərinin, həm də hökumət üzvlərinin diqqətinə çatdırmaqdır. Sığorta olunanların sağlamlığının bərpa edilməsinin sanatoriya-kurort xərcləri üçün Həmkarlar İttifaqları xətti ilə xərclənən vəsait 13 milyon 90 min manat nəzərdə tutulmuşdur. Bu, ilk baxışda ötən ildəkindən 2,5 faiz çoxdur. Amma inflyasiya 5 faiz nəzərdə tutulursa, bu xərclər ötən ilkindən də aşağı olacaqdır. Digər tərəfdən də nəzərə alaq ki, on minlərlə hərbi qulluqçu artıq sığorta sisteminə daxil olmuşdur və onlar da pensiya alırlar. Onların da digər sosial müdafiə tədbirləri üçün, o cümlədən sanatoriya-kurort xərcləri də Dövlət Sosial Müdafiə Fondunun büdcəsindən xərclənməlidir.
Mən düşünürəm ki, 13 milyon manat çox az bir məbləğdir. Biz bunu daha da yaxşılaşdırmaq, daha da artırmaq əvəzinə azaltmışıq. Təklif edirəm ki, bu rəqəm, heç olmasa, 15 milyona qaldırılsın və daha çox artırılsa, lap yaxşı olar. Amma reallıqdan çıxış edərək düşünürəm ki, həmin rəqəm 15 milyona qaldırılmalı və hər il bu, nəzərə alınmalıdır. Çünki sosial müdafiə olunan bir maddədir və sığorta olunanların sağlamlıqlarının qorunması, bərpa olunması çox vacib bir məsələdir. Ümumiyyətlə, mən büdcə layihəsini tam reallığa əsaslanmış bir sənəd hesab edirəm və bunun təsdiq olunması üçün səs verəcəyəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Baba Tağıyev.
B. Tağıyev. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Bu gün və dünən çox önəmli layihələr müzakirə olundu. Azərbaycan xalqının, dövlətinin, iqtisadiyyatının inkişafı, Azərbaycanda insanların firavanlığının yüksəldilməsi üçün önəmli layihələrin müzakirəsi aparıldı və bu müzakirələr zamanı kifayət qədər tutarlı faktlarla göstərildi ki, Azərbaycan büdcəsi çox yüksək səviyyədə hazırlanmışdır. Bəzən büdcədə neftin payı haqqında və sair fikirlər oldu. Mən bu məsələ barədə də bir neçə kəlmə demək istərdim.
Həqiqətən də, bizim hökumət nümayəndələri tutarlı fak-tlarla izah etdilər. Neftin büdcə layihəsində payı haqqında mən, sadəcə olaraq, öz fikrimi demək istərdim. Təsəvvür edin ki, dünya okeanında üzən bir buz dağı görürsünüz. Buz dağının görünən hissəsi nə qədər görünürsə, büdcəmizdə olan neftin payı da o cür görünən hissədir. Amma bu büdcənin ümumi iqtisadiyyatda nə qədər böyük bir əhəmiyyət kəsb etdiyini, sadəcə olaraq, bir iqtisadçı kimi mən gözəl görürəm. Ona görə də uzun danışmaq fikrim yoxdur. Mən də bu gün müzakirə olunan layihəyə səs verəcəyəm. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Gülər Əhmədova.
G. Əhmədova. Təşəkkür edirəm, cənab Sədr. Öncə qeyd etmək istəyirəm ki, əlbəttə, mən bu büdcə layihəsinin məziyyətləri haqqında danışan həmkarlarıma qoşuluram. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, bu gün Azərbaycan hökumətində ən təqdir olunan işlər sırasında bir neçə quru-mun adını çəkmək lazım gələrsə, şübhəsiz, bunların arasında Dövlət Sosial Müdafiə Fondunun adını çəkmək mümkündür. Amma 2–3 məsələ var ki, bu gün Azərbaycanda bütün KİV-in gündəliyindədir. Bu məsələlərlə bağlı, səhv etmirəmsə, ildə bir və yaxud iki dəfə Səlim müəllim Azərbaycan Dövlət Televiziyası ilə müəyyən suallara cavablar verir. Amma bir məsələ haqqında təəssüflə demək istəyirəm, mən komitənin iclasında da bunu dedim.
Azərbaycan Dövlət Televiziyası həm cənab Prezidentin apardığı siyasətlə, həm də ölkədə baş verən digər müsbət hadisələrlə bağlı, şübhəsiz, xəbərlər yayır. Amma çox təəssüflə deyirəm ki, Dövlət Sosial Müdafiə Fondunun gördüyü işləri, onun məğzini populyar dildə əhaliyə çatdır-mır. Nəticədə bu gün hər bir millət vəkilinin poçtunda əhalinin yaşlı hissəsinin pensiyaları ilə bağlı kifayət qədər suallar dolu məktublar var. Biz məktubları yenidən Dövlət Sosial Müdafiə Fonduna ünvanlayırıq. Əslində, poçt ilə bizə müraciət edən insanlar yenə bizdən narazıdırlar. Ona görə əgər mümkündürsə, bu gün Səlim müəllim iki məsələni ay-dınlaşdırsın.
Birinci məsələ, verilən suallar içərisində ən çox yer tutan sual bundan ibarətdir ki, nəyə görə sovet dövründə 30–40 il işləmiş insanların əmək haqlarının vəziyyəti onların pensiyalarına heç cür təsir etmir? İkinci, bu gün siz yaxşı bilirsiniz ki, hətta Bakının müxtəlif yerlərində belə bankomatlar vasitəsilə pensiyaların alınmasında kifayət qədər problemlər var. Kənd rayonlarında olan vəziyyəti, yəqin, digər deputatlar da deyəcəklər. Mən bilirəm ki, ikinci sualım birbaşa Səlim Müslümova aid deyil. Bu, Beynəlxalq bankla bağlı sualdır. Amma hər halda xahiş etmək istərdim ki, Səlim müəllim bu məsələyə də aydınlıq gətirsin. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Qənirə Paşayeva.
Q. Paşayeva. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Təbii ki, mən də Dövlət Sosial Müdafiə Fondunun 2011-ci il büdcəsini dəstəkləyəcəyəm. Hesab edirəm ki, bu çox lazımlı, vacib və yüksək səviyyədə hazırlanmış bir layihədir. Mən həmkarımın başladığı məsələni davam etdirmək istəyirəm.
Çox hörmətli Səlim müəllim də buradadır. Səlim müəllim bilir, biz onunla çox tez-tez bu məsələ ilə bağlı danışırıq, ona müraciət edirəm, həm şifahi, həm də yazılı söhbətlərimiz olur. Səlim müəllim də hesab edir ki, bu problemlər var və bunlar öz həllini tapmalıdır. Ona görə də mən hökumət üzvləri burada olduqları üçün bunu deyirəm. Təbii ki, bu, birbaşa Səlim müəllimin işi deyil. Amma bütün hökumət üzvləri burada olduqları üçün bu problemin də öz həllini tapması lazımdır. Adətən, bu məsələnin həllini tap-masında maliyyə məsələsi önə çəkilir.
Hörmətli həmkarım Gülər xanım da bu məsələni qaldırdı. Hesab edirəm ki, bu, ancaq şəhərlərdə deyil, kənd rayonlarında da aktual bir məsələdir. Şəxsən mən millət vəkili seçildiyim rayonla bağlı dəfələrlə Səlim müəllimlə danışmışam. Rayonun mərkəzində həddindən artıq az bankomat var. Elə kəndlər var ki, rayon mərkəzi ilə arası 50 kilometrdir. Yaşlı, xəstə insanlar var. Biz başa düşürük ki, bəlkə hər kənddə bunu qoymaq mümkün deyil. Biz bunu başa düşürük. Amma heç olmasa, bir neçə kəndi birləşdirən mərkəzlərdə, bir neçə kəndi birləşdirən böyük kəndlərdə bankomatların sayının artırılmasına ehtiyac var. Bu həm uzaq yoldan gələn insanların, eyni zamanda, bankomatlarda yaranan növbələr problemini aradan götürərdi.
Təbii ki, biz hamımız pensiyaların, təqaüdlərin kartlarla verilməsi məsələsini dəstəkləyirik. Bu, şəffaflığı artıran bir addım idi, hamımız bunu dəstəkləyirik. Bu gün ölkəmizin imkanları böyükdür. Biz başa düşürük ki, bizim istədiklərimizin hamısını birdən həyata keçirmək çətindir, amma heç olmasa, bankomatların sayını artırmaqla in-sanların bu probleminin həllinə kömək etmək olar. Hörmətli Səlim müəllim də vurğuladı ki, bu avadanlıqların, banko-matların qiymətləri çox ucuz deyil. Bunun üçün maliyyə vəsaiti nəzərdə tutulsun və bölgələrdə, rayonlarda üzümüzə gələn il ərzində bankomatların sayının artmasına nail olaq ki, insanların bu istiqamətdə problemi qismən yüngülləşsin. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. İlyas İsmayılov.
İ. İsmayılov. Təşəkkür edirəm, cənab Sədr. Mən Səlim müəllimin çıxışına qulaq asdım. Çıxış çox yaxşı oldu. Əvvəlcədən demək istəyirəm ki, büdcəyə mən də səs verəcəyəm, burada problem yoxdur. Səlim müəllim çıxışında ödənişlərin artımından çox danışdı, ancaq ödənişlərin necə ödənildiyindən heç danışmadı. Mən hesab edirəm ki, ödənilmələrdə çox böyük qüsur var. Özü də bunu ancaq nazirlik yaradır, bu, aradan qaldırılmalıdır. Başa düşürəm ki, mənim danışıqlarım çoxlarının, o cümlədən Səlim müəllimin xoşuna gəlməz. Ancaq dərmanın effekti onun dadı ilə müəyyən olunmadığı kimi, adətən, ən acı dərmanın effekti olur, sözün effektliyi qarşı tərəfdə hansı emosional vəziyyət yaratması ilə deyil, işin gedişinə müsbət təsiri ilə müəyyən olunmalıdır. Konkret nəyi nəzərdə tuturam?
2008-ci il fevralın 11-də fond kollegiyada 2 nömrəli qərar qəbul edib. Bu qərar Konstitusiyaya, qanunlara tamamilə ziddir. Nəhayət, insanlarda böyük gərginlik yaradır, onların hüquqlarını pozur. Söhbət nədən gedir? Biz bilirik ki, müəyyən ildən şəxsin əmək pensiyasına çıxmaq haqqı olur. Bəzən həmin şəxs sənədləri gecikdirir, pensiyaya bir az so-nra çıxır. Səlim müəllim də bu kollegiyanın iclasında bir mi-sal gətirdi. Məsələn, şəxs pensiyaya 2007-ci ildən çıxmalı idi, sənədlərini 2009-cu ildə verir. Amma ona pensiya 2007-ci ildən verilməlidir. Hesablayırlar, bu pul da bir az artıq çıxır. Həmin kollegiyanın qərarında göstərilir ki, 2546 manat verilməlidir. Özü də bu qeyri-qanuni qərar ilə yerli təşkilatlara göstəriş verilib ki, həmin adama 2546 manatı birdən verməyin, bunu 136 aya, 10 ildən artıq bir vaxta bölün və hər ay onun pensiyasının üstünə 19 manat gəlib verilməlidir. Pensiyaçı bəlkə heç 10 il yaşamayacaq, bəlkə onun dava-dərmana ehtiyacı var, bəlkə o, müalicə olunmağa getməlidir, onun üzərində cərrahiyyə əməliyyatı aparıl-malıdır?
Camaatın pulunu niyə vermirsiniz? Siz Konstitusiyanın 12-ci maddəsini yadınızdan çıxarmısınız? Biz insanları ləyaqətli həyat tərzi ilə təmin etməliyik. Siz yadınızdan çıxarırsınız ki, mülkiyyətin 3 ünsürü var – sahiblik, istifadə, sərəncam. Camaatın istifadə hüququnu əlindən alıb, əmlakına niyə belə sərəncam verirsiniz? Mən hesab edirəm ki, kollegiyanın həmin qərarı qeyri-qanunidir, cəmiyyətdə narazılıq yaradır və bütün bu narazılıqlar da son həddə Prezidentə istiqamətlənir. Bu kollegiyanın qərarı ləğv olunmalıdır, əgər nazirlik özü ləğv etməzsə, mən hörmətli cənab Prezidentin adına məktub hazırlamışam və ondan xahiş edəcəyəm ki, Prezident kollegiyanın bu qərarını ləğv etsin. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Cəmil Həsənli.
C. Həsənli. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli millət vəkilləri, hökumət nümayəndələri və mətbuat təmsilçiləri! Şübhəsiz, mən də Dövlət Sosial Müdafiə Fondunun gələn il üçün təqdim edilən büdcəsi ilə tanış olmuşam və hesab edirəm ki, bu büdcəni qəbul etmək olar, büdcə kifayət qədər peşəkar səviyyədə hazırlanıb. Amma bu büdcəni hazır-layanlardan əlavə, bütövlükdə cəmiyyətimizin, dövlətimizin bu istiqamətdə müəyyən problemləri var.
Birinci problem nədən ibarətdir? Birinci problem ondan ibarətdir ki, ölkəmizdə əmək pensiyalarının və əlilliyə görə pensiyaların miqdarı, həcmi həddindən artıq aşağıdır. Dünən müzakirə etdiyimiz növbəti ilin büdcəsində göstərilir ki, adambaşına düşən ümumi daxili məhsul 4501 manatdır. Əgər biz bu meyardan yanaşsaq, adambaşına düşən ümumi daxili məhsulun 4500 və 4500-dən yuxarı olduğu ölkələrlə müqayisə etsək, görərik ki, həmin ölkələrdə və inkişaf sürəti olmayan Azərbaycan kimi ölkələrdə əmək haqları və pensi-yalar dəfələrlə Azərbaycandakından artıqdır. Bunun sirri nədədir? İlk növbədə bunu açmaq lazımdır.
Təsəvvür edin ki, adam 30–40 il neft sənayesində, zərərli işlərdə, yer altında işləyib və bu gün pensiyaya çıxandan sonra onun aldığı nədir? 2010-cu il üçün orta aylıq pensiyanın miqdarı 101 manatdır, gələn il də olacaq 118 manat. Azərbaycanda bugünkü bazar şəraitində 101, yaxud 118 manata hansı ailə yaşaya bilər? Dövlətin imkanları varsa, bu imkanlardan əhali də, cəmiyyət də faydalanmalıdır. Dövlətin borcudur ki, 30–40 il öz intellektini, zəhmətini, gücünü, sağlamlığını bu dövlətin iqtisadi inkişafı yolunda xərcləyən adamların qayğısına qalsın.
Digər tərəfdən, Səlim müəllim deyir ki, 2015-ci ilə qədər biz dövlət transferlərindən azad olmaq xətti götürmüşük, amma elə ötən illə müqayisədə bu il transferin miqdarı, həcmi daha böyük alınır. Ötən il 33 idi, bu il isə 35 olur. Yəqin ki, bu səviyyədə getsə, gələn il və digər illərdə daha da artacaq. Bunun həll olunmasının, yəni Dövlət Sosial Müdafiə Fondunun dövlətdən asılı olmamasının ən real, op-timal yolu əmək haqlarının artırılması və eyni zamanda, ölkədə ikili mühasibatın ləğv edilməsindən ibarətdir. Dövlət Sosial Müdafiə Fonduna köçürmələr həddindən artıq yüksək olduğu üçün qeyri-hökumət təşkilatları, yəni şirkətlər, biznes qrupları, o cümlədən dövlət orqanları da bu gün ikili müha-sibatla işləyir. Heç birimiz üçün sirr deyil ki, müxtəlif nazirliklərdə konvert üsulu ilə əmək haqqı var, müxtəlif böyük şirkətlər, məsələn, əmək haqqını 200 manat yazır, 500 manat ödəyir. Bunu doğuran səbəbləri aradan qaldırmaq lazımdır.
Bu gün Səlim müəllim dedi, orta aylıq əmək haqqı 340 manat nəzərdə tutulub. Mən soruşmaq istəyirəm. Bu gün akademiya sistemində elmlər doktoru, şöbə müdiri 165 manat əmək haqqı alırsa, onda bu orta əmək haqqını kimlər alırlar? Mədəniyyət Nazirliyi sistemində şöbə müdirləri, mən hələ aşağı vəzifələrdəki işçiləri demirəm, 125 manat əmək haqqı alırlarsa, onda bu 340 manatı əhalinin hansı kateqoriyaları alırlar? Bunun mexanizmi açılmalıdır, sirri açılmalıdır. Bazar nəzərə alınmalıdır. Bu gün Azərbaycan bazarı od tutub yanır. Enerji daşıyıcılarının qiymətlərinin sürətlə artdığı bir halda, pensiyaçıya verilən 101 və ya 118 manat dilənçi payıdır.
Sədrlik edən. Sağ olun. Pənah Hüseyn.
P. Hüseyn. Çox təşəkkür edirəm, möhtərəm Sədr. Hörmətli professor Cəmil Həsənlinin dediklərinə qoşuluram və bu sualı təkcə Milli Məclis deputatı yox, Azərbaycan cəmiyyətində ehtiyac içərisində olan milyonlarla təqaüdçülər və pensiyaçılar, əlillər verirlər. Mən əvvəlcə iki məsələyə to-xunmaq istəyirəm. Verilən sənədlərdən də məlum oldu ki, 2010-cu ilin avqust ayında Prezidentin sərəncamı ilə enerji daşıyıcıları təşkilatları ilə istehlakçılar arasında, yəni söhbət təşkilatlardan gedir, daxili borclar silinmişdir. Belə bir məsələ üçün xeyli dövlət vəsaiti xərclənmişdir. Qazda edildiyi kimi, əhalinin 10–11 il qabaqkı su və elektrik bor-cları nə üçün silinmir? Bunlar bir çox hallarda məhkəməlikdir, nəhəng təşkilatlarla üz-üzə gəlmək çox çətin olur. Bu məsələyə aydınlıq gətirilsin. Çünki bundan əhəmiyyətli dərəcədə pensiyaçı və təqaüdçülərimiz, Dövlət Sosial Müdafiə Fondunun xidmətindən istifadə edənlər əziyyət çəkirlər.
İkinci çox mühüm bir məsələ dəfələrlə qaldırılıb. Bunu yenə qaldırmağı mən özümə borc bilirəm. Bu fondla 1990–1995-ci illərdə Milli Məclisin üzvü olmuş şəxslər arasında məhkəmə çəkişmələri davam edir. Mən bu məhkəmələrin bir neçəsində iştirak etmişəm. Hörmətli Səlim müəllimin nəzərinə çatdırıram ki, onun Bakıdan göndərdiyi hüqu-qşünaslar məhkəmələrdə heç bir dəlil, sübut gətirə bilmirlər ki, nə üçün 1990–1995-ci illərdə Milli Məclisin üzvü olmuş şəxslər deputat pensiyası ala bilmirlər. Hazırda Siyəzəndə belə bir məhkəmə davam edir, mən orada iki dəfə iştirak etmişəm.
Üçüncü, burada çox tez-tez deyilirdi, bizim deputatlardan biri də, səhv etmirəmsə, Jalə xanım belə bir fikir dedi ki, bizi inkişaf etməkdə olan ölkələrlə yox, qabaqcıl, inkişaf etmiş ölkələrlə müqayisə etmək lazımdır. Mənə elə gəlir ki, bu, həddindən qabaq deyilmiş bir sözdür. Bizi inkişaf etməkdə olan ölkələrin ən geriləri ilə müqayisə etmək lazımdır. Heç olmasa, inkişaf etməkdə olan ölkələr sırasında Türkiyə ilə müqayisə edək. Orada aşağı pensiya həddi dünən televizi-yada açıqlandı, mən televiziyada bunu gördüm, ən aşağı pensiya kənd təsərrüfatında çalışanlara verilən əmək pensi-yası 550–600 lirədir. Bizim pula çevirəndə 200–250 manat hesablanır. Nə üçün bu şəkildədir?
Tez-tez deyirik ki, biz neftimizdən yüzdə yüz istifadə etməliyik. Bu gün pensiyaçıların, yaşlı, əlil olan əhalimizin də haqqı var ki, neftdən gələn gəlirlərdən faydalansın. Burada Səlim müəllim heç də raport verməsin, heç kəs buna inanmaz, o özü də buna inanmır ki, guya biz yaxın dövrdə transferlərdən azad olacağıq. Əksinə, mən hesab edirəm ki, dövlət büdcəsindən və məlum neft gəlirlərindən Dövlət Sosial Müdafiə Fonduna, milyonlarla ehtiyac içərisində olan əhaliyə transferlər qat-qat artırılmalıdır və onların aldıqları pensiya və təqaüdlər insanın layiqli yaşamasını təmin edən həddə olmasa da, ona yaxınlaşan bir həddə çatmalıdır. Bu da dövlətin ali vəzifəsi kimi Konstitusiyada təsbit olunubdur. Bir ildə biz cəmisi neft gəlirlərindən pensiyaçılara və əhaliyə transferi pensiya alanların sayına bölsək, hər pensiyaçıya cəmisi 50–60 manat vəsait düşər. Hesab edirəm ki, bu, haqsızlıqdır, çünki həmin gəlirlərin cəmisi 10–15 adamın milyardlarla, on milyonlarla, yüz milyonlarla pul mənimsəməsi fonunda bu, sadəcə olaraq, çox ayıb olan, ədalətsiz bir məsələdir.
Sonda, belə hesab edirəm ki, pensiyaların artırılması qay-dası bütövlükdə dəyişdirilməlidir. Bu, dövlətin sosial siyasətinin ciddi şəkildə dəyişdirilməsini tələb edir. Hörmətli Cəmil müəllim də toxundu. Xüsusən əmək haqlarının ödənilməsini təmin edir. Mən fondun təqdim etdiyi təsnifata baxıram. Təsnifatın özündə də çox ciddi qeyri-müəyyənliklər vardır. Deyək ki, büdcədən maliyyələşən təşkilatlar üzrə 496 milyon vəsait daxil olur, büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə 67 milyon. Bu nə deməkdir? Sahibkarlardan, fiziki şəxslərdən yalnız 32 milyon 400 min manat bu fonda daxil olur. Bu onu göstərir ki, çox ciddi islahat aparılmalıdır, düzəldilməsini tələb edən bir məsələdir. Yalnız bu halda ümid edərik ki, həmin işlər düzələcək. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S. Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Mən də Dövlət Sosial Müdafiə Fondunun 2011-ci il büdcəsinin təqdim olunan layihəsinə səs verəcəyəm. Biz dəfələrlə şahid olmuşuq ki, Dövlət Sosial Müdafiə Fondu tərəfindən dövlətimizin yeritdiyi siyasət mütəmadi olaraq vaxtlı-vaxtında stabil bir şəkildə yerinə yetirilir. Hansı ölkədə isə nə yazırlar, nə pozurlar, nə edirlər, bu başqa bir məsələdir. Azərbaycanda stabil olaraq vaxtlı-vaxtında pensiyaçılar pen-siyalarını alırlar, mütəmadi olaraq pensiyaçıların pensiyaları artırılır və bu proses davam edir.
İkinci tərəfdən, biz sosializmlə kapitalizm arasında müqayisələr aparmışıq. Sovet hökumətində pensiya məsələsinə tamam başqa yanaşma var idi. 70 il sovet hökumətində işlədim, indi gedib pensiya alacağam. Kapitalizm cəmiyyətində tamam başqa bir yanaşma sistemi mövcuddur, bunun sosial sığortası var, yığımı var və sair və ilaxir. Yəni bu yanaşma tək ondan ötrü deyil ki, pensiyanı verirlər, bu pensiya ilə pensiyaçı dolanmalıdır, yaşamalıdır və sair. Bu bir sosial təminatdır. Yəni bu prinsipi biz ümumiləşdirib yavaş-yavaş sosializm sistemindən çıxıb yeni düşüncə tərzi ilə davam etdirməliyik. Mənə verilən pensiya mənim dərmanımı da, xaricdə müalicəni də, kommunal xərclərimi də ödəməlidir və sair. Bu, tamam başqa bir prinsipdir, tamam başqa düşüncədir. Azərbaycanda əhalinin yarısı az qala pensiyaçıdır. 30, 50, 70 yaşında da pensiyaçı var. Hansı kəndə gedirsən, kəndin yarısı pensiyaçıdır. Artım problemi bundan irəli gəlir. Bir islahat aparılmalı və müəyyənləşdirilməlidir ki, kimlər pensiyaçı ola bilərlər?
İkinci tərəfdən, böyük əksəriyyət əmək pensiyaçısı deyil, sosial pensiyaçıdır. Yəni əlini ağdan-qaraya vurmayıb, axırda da deyir ki, dövlət məni saxlasın, bu yaşa gəlib çat-mışam. Bu prinsip də var. Bunlara da yenilik gətirilməlidir, baxılmalıdır. Hesab edirəm ki, bununla bağlı müəyyən isla-hatlar aparılmalıdır. Təqdim olunan layihə gözəl layihədir. Mən hesab edirəm ki, buna səs verməliyik.
Burada həmkarım Pənah Hüseyn məsələ qaldırdı, Səlim müəllimə sual verdi. Bu, Səlim müəllimə verilən sual deyil, Pənah Hüseynə, onun özünə verilən sualdır. 1990–1995-ci illərdə 350 deputat seçilmişdi. Hansı yolla seçildiklərini deyə bilmərəm. Onların səlahiyyətlərini alıb 50 adama vermək qanuni idimi? Onlar niyə sizdən tələb etmirlər ki, səlahiyyətlərimiz əlimizdən alındı? İndi Səlim müəllimin, digər şəxslərin adlarını çəkirlər. Bu adamların qanuni deputat səlahiyyətlərini əlindən alıb 50 nəfərə qeyri-qanuni vermisiniz, ya qanuni vermisiniz? 1992-ci ildə 350 deputatdan ibarət Azərbaycan parlamenti, Azərbaycan Respublikasının Ali Soveti olub. Məşvərət məclisi idi, nə məclisi idi, deyə bilmərəm, olub 50 nəfərdən ibarət. İndi həmin adamları ötürmüsünüz ki, gedin, Səlim müəllimdən pensiya tələb edin? Bunun qanuni, hüquqi əsası olmalıdır. Məhkəməyə verə, hər hansı orqana müraciət edə bilər. Amma həmin orqana müraciət edənə sual verin ki, sənin haqlı səlahiyyətini əlindən alanda səsini çıxarmamısan, indi gəlib pensiya vaxtı çatanda, “mənim pensiyamı niyə vermirsən” deyirsən? Onda Pənah Hüseyni, İsa Qəmbəri, Arif Hacıyevi onun qabağına çıxarın ki, onlar tribunalardan qışqırırdılar. Deyərdin, mənim səlahiyyətimi niyə alırsan əlimdən? Mən seçilmişəm, qanuni parlamentin üzvüyəm.
Bəzi məsələlərin üstündən keçəndən sonra, elə bilirsiniz ki, hər kəsin yadından çıxıb, elə-belə getməlidir. Elə ola bilməz. Parlamentin formalaşması Azərbaycan Respub-likasının Konstitusiyası ilə bağlı olan məsələdir. 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul olunub. Milli Məclisə seçkilər keçirilib. Milli Məclis depu-tatlarının statusunun müəyyənləşdirilməsi həmin dövrdən başlayır və həmin dövrdən deputat olan insanlara da pensiya verilir. Kim o vaxt seçilib-seçilməyib və sair və ilaxir. Müəyyən məsələlərə diqqətlə yanaşmaq lazımdır.
Mən hesab edirəm ki, Azərbaycanda sosial sahəyə daim diqqət göstərilib, bundan sonra da göstəriləcək. Pensiyaların da verilməsi, onların davamiyyəti qaydasında gedir, başqa dövlətlərdən də çox-çox irəliyik və düzgün qaydada da bu işə davam edilməlidir. Təşəkkür edirəm. Sağ olun.
Sədrlik edən. Fəzail İbrahimli.
F. İbrahimli. Çox sağ olun, Oqtay müəllim. Dövlət Sosial Müdafiə Fondunun təqdim etdiyi layihə ilə bağlı bəzi məqamları sizinlə bölüşmək istərdim. Hörmətli millət vəkilləri, əvvəla, Dövlət Sosial Müdafiə Fondunun təqdim etdiyi layihə cəmiyyətin iqtisadi durumuna uyğun surətdə əsaslandırılıb. Yəni cəmiyyətin iqtisadi durumu necədirsə, Dövlət Sosial Müdafiə Fondu elmi cəhətdən əsaslandırılmış formada büdcə layihəsini təqdim edir. Dövlət Sosial Müdafiə Fondunda keçən müddət ərzində diqqət çəkən və burada qeyd edilməyən kifayət qədər islahatlar aparılır. Günlərlə, saatlarla poçtun qabağında dayanıb günü, həftəni gözləyən qocalar, ahıllar bu gün ciblərində kart bankomata yaxınlaşıb, heç kimdən asılı olmadan, heç kimə əlavə pul vermədən təqaüdlərini alırlar. Çox təəssüf ki, bu cəhətlər diqqətə çəkilmir.
Burada kəndlərdə bankomatların olmaması məsələsi qeyd edildi. Amma ataların misalı var, yorğana görə ayağını uzat. Bu gün Azərbaycanın hər bir kəndində bankomat qoymaq üçün dövlət büdcəsindən Dövlət Sosial Müdafiə Fonduna pul ayrılırmı? Yaxud Dövlət Sosial Müdafiə Fondunun özünün qüvvəsi buna çatırmı? Güman edirəm ki, bunlar zaman tələb edən məsələlərdir, tədricən bu məsələlər öz həllini tapacaq.
Digər bir tərəfdən, burada əhalinin təqaüd məsələsinə toxunulur. Bilirsiniz, məsələyə ayrıca götürülmüş bir ölkədə sosializmin qələbəsi müstəvisində yanaşsaq, biz Dövlət Sosial Müdafiə Fondundan tələb eləməliyik ki, pensiyaçıları min dəfə artır. Səhiyyədə hansı formada artım gedib? Təhsildə hansı formada artım gedib? Məhz buna uyğun olaraq, Dövlət Sosial Müdafiə Fondunun xalqa verdiyi təqaüdlər də artır. Hörmətli həmkarlarım, məgər Dövlət So-sial Müdafiə Fondu əmək haqqının, təqaüdün artırılıb-artırılmaması ilə bağlı özü xüsusi qərar çıxarır? Varmı belə bir imkanı? Bizim qəbul etdiyimiz qərarlar əsasında Dövlət Sosial Müdafiə Fondu fəaliyyət göstərir. Fond özü təqaüdün artırılması haqqında qərar verə bilər? Bu da, mənə elə gəlir, kifayət qədər düşünülməli məsələlərdir.
Nəhayət, burada dəfələrlə səslənir ki, biz nazirlərlə heç bir telefon əlaqəsi saxlaya bilmirik. Bir millət vəkili bu gün deyə bilməz ki, mən Dövlət Sosial Müdafiə Fonduna zəng etdim, cavab almadım, məktub yazdım, cavab almadım. Dövlət Sosial Müdafiə Fondunun sədri nümunə göstərməyə layiq olan bir məmurdur, alimdir, kifayət qədər səmimi, dövlətçiliyə bağlı adamdır. Mən onun haqqında sağlıq demirəm, amma həqiqəti deyirəm, onunla mənim şəxsi dost-luğum da yoxdur, özü bilir, Allahı bilir. Bir dəfə də ona müraciət etməmişəm, sadəcə olaraq, ağı qaradan, qaranı ağ-dan seçmək lazımdır. Belə məmurları nümunə göstərmək lazımdır. Bəzi məmurların zənglərə cavab vermədiyini belə bilirsiniz. Bəzən burada gəlib otururlar, birinin xətrinə dəymirik, birindən heç nə tələb eləmirik. A kişi, Dövlət Sosial Müdafiə Fondu gələn kimi tuturuq bunun yaxasından, təqaüdləri artır. Gərək Milli Məclis qərar qəbul etsin ki, o da bunları həyata keçirsin. Ona görə hesab edirəm ki, Dövlət Sosial Müdafiə Fondunun sədri istər rəhbər kimi, bir kadr kimi yerindədir, istərsə də dövlətçiliyə bağlı adamdır, onun təqdim etdiyi layihə də kifayət qədər elmi və iqtisadi cəhətdən əsaslandırılmış layihədir. Səsə qoyub qəbul etmək olar. Sağ olun.
Sədrlik edən. Sağ olun. Əhməd Vəliyev.
Ə. Vəliyev. Sağ olun, Oqtay müəllim. Fəzail müəllim mənim deyəcəyim sözlərin bir hissəsini qeyd etdiyinə görə mən bir daha bu məsələyə qayıtmayacağam. Mən, ümumiyyətlə, 2011-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı da çıxışa yazılmışdım, vaxt çatmadığıma görə bir-iki kəlmə qeyd etmək istərdim.
Bu gün müzakirəmizə təqdim olunan 2011-ci il üçün dövlət büdcəsinin layihəsi çox yüksək səviyyədə hazırlanmışdır. Eyni zamanda, Dövlət Sosial Müdafiə Fondunun da büdcəsi dövlət büdcəsinin tərkib hissəsi olduğuna görə deyərdim ki, bu layihə lazımi elmi əsaslara söykənmiş bir layihədir. Ümumiyyətlə, hər bir sahənin fəaliyyəti qanunla tənzimlənir. Qanunverici orqan da bizik.
Mən hesab edirəm ki, Səlim müəllim haqqında deyilən bəzi xırda çatışmazlıqların bir hissəsi millət vəkillərinin, bəlkə də həmin sözləri deyən adamların məsuliyyətsizliyi ucundan baş verir. Bu gün qanunda biz nəyi yazmışıq, Səlim müəllimin rəhbərlik etdiyi fond icra eləməyib? Mən düşünürəm ki, burada əyləşən millət vəkillərinin əksəriyyəti bilir ki, bankomatların qoyulması Dövlət Sosial Müdafiə Fondunun işi deyil. Dövlət Sosial Müdafiə Fondu müvəkkil banklara müraciət edir, müvəkkil banklar bunları qoyur. Bilmirəm, nə dərəcədə doğrudur? Səlim müəllim özü bəlkə də izahat verər. Bu bankomatların qoyulması barədə Səlim müəllim yalnız müraciətlə xahiş edə bilər. Rəsmi müraciətdən sonra onlar həmin bankomatları kənd yerlərində qoymalıdırlar. Əgər bankomatlar qoyulmayıbsa, Səlim müəllimin fondunun günahı yox, müvəkkil bankların günahıdır. Birinci.
İkinci, İlyas müəllimin dediyi sözə qayıdıram. Pensiyaya çıxmaq məsələsindən söhbət gedir. Sənədlər gecikdirilirsə, pensiya yaşı çatan gündən pensiyaçılar həmin müavinəti almalıdırlar. Təbiidir. Əgər bizdə normal maarifləndirmə məsələsi getsə idi, mənə elə gəlir ki, heç kim pensiyanın alınmasını gecikdirməzdi. Vaxtında pensiyaya çıxardı. Xarici ölkələrə tez-tez səyahət edirik, onlarla söhbət aparırıq, görürük ki, onlarda bu iş necə tənzimlənir. Hər bir təqaüd yaşına çatmış insan bir neçə ay öncədən təqaüdə çıxmaq haqqında sənədlərini hazırlayır və vaxtında da təqaüdə çıxır.
Eyni zamanda, pensiyaların az olmasından burada söhbət gedir. Fəzail müəllim qeyd etdiyi kimi, Səlim müəllim pensi-yanı özbaşına hansısa bir vəsaitdən götürüb artıra bilməz. Dövlət Sosial Müdafiə Fondunun özü tərəfindən yığılan, istərsə də dövlət büdcəsindən transfer yolu ilə həmin fonda atı-lan vəsait çərçivəsində Səlim müəllim pensiyaları verə bilər. Ölkə Prezidentinin sərəncamı ilə pensiyalar tənzimlənir. Ona görə də mən düşünürəm ki, bu gün burada Səlim müəllimin ünvanına deyilən bəzi tənqidi sözlər Səlim müəllimə yapışmır. Deyir: sən düzsənsə, kölgənin əyri düşməyindən qorxma. Mən hesab edirəm ki, Səlim müəllimin rəhbərlik etdiyi fond, ümumiyyətlə, lazımi səviyyədə qurulub, lazımi səviyyədə fəaliyyət göstərir. Hesab edirəm ki, əgər imkan olsa, Səlim müəllimin rəhbərlik etdiyi fondun işçiləri hər bir pensiyaçı üçün 100 manat yox, 1000 manat vermək istəyərlər. Ancaq bu məsələ onların səlahiyyətləri xaricindədir. Biz düşünməliyik ki, kimin haqqında hansı sözləri deyirik.
Mən hesab edirəm ki, bu gün Dövlət Sosial Müdafiə Fonduna ayrılmış büdcə əvvəlki illərlə müqayisədə artırılıb. Ölkə Prezidentinin sərəncamı ilə artımlar hamının gözü qar-şısındadır. Düşünürəm ki, növbəti illərdə də proses bu cür gedərsə, dünya ölkələrindən gətirdiyimiz misallar bizim üçün prioritet sahə kimi qəbul olunacaq və hər bir pensiya-çının da pensiyası normal olacaq.
Yeri gəlmişkən, bir məsələni də qeyd edim. Xarici ölkələrdə pensiyaya çıxmaq haqqında insanlar işə başlayan gündən fikirləşirlər. Hətta ayırmalardan əlavə, hər bir adam gələcəkdə pensiyaya çıxdıqda daha çox pensiya almaq üçün əlavə vəsait ödəyir. Mən çox adamlarla, alimlərlə söhbət etmişəm. Onlar həmin pensiya fonduna əlavə vəsait atırlar ki, gələcəkdə onu alsınlar. Bunu da nəzərdə tutmaq lazımdır. Sağ olun.
Sədrlik edən. Valeh Ələsgərov.
V. Ələsgərov. Mən ikicə kəlmə əlavə edəcəyəm. Prinsip-ial məsələlərə toxunacağam. Təqaüdün orta əmək haqqının 40 faizinə çatdırılması məsələsi haqqında təklif edərdim. Səlim müəllim söyləsin ki, həmin nümunə haradan götürülüb? Avropada, misal üçün, 40 faizə çatdırılmış təqaüdün 50 faizini vətəndaş öz cibindən, 50 faizini işverən təmin edir. Bizim vətəndaş neçə faizini təmin edir? Yeddidə birini, səkkizdə birini?
İkili mühasibatdan danışırıq. Hamımız bunu bilirik. İkili mühasibatdan pul alanların biri də artıq 5–10 manatını qa-baqcadan, ağsaqqal dediyi kimi, aparıb fonda keçirir, indidən fikirləşirmi ki, mən 50 ildən, 20 ildən sonra pensi-yaya çıxanda pensiyam artıq olsun? Kimdir bunu edən? Təbiətimizdə yoxdur. Gələr vaxtı, çıxarıq, dövlətin canı çıxar, bizi saxlayar, bizi fikirləşər. Ya da sandığa yığar, sandığa yığanda uşaqlar yeyir sonra. Bu, ikinci məsələ.
Bir də, fikrimcə, dövlətin transferləri bu fondun büdcəsində artdıqca makroiqtisadi təhlükələr yaradılır. Ona görə biz çalışıb bu fondun işini elə təşkil etməliyik ki, bir gün dövlət transferlərinə heç bir ehtiyacı olmasın. Elə pen-siya fondları, təqaüd fondları var, çalışır, işləyirlər. Biz də bu istiqamətdə getməliyik. Bu yolları axtarmalı və təklif etməliyik.
Bundan öncə mənim Səlim müəllimlə söhbətim oldu. Səlim müəllim bütün bu vəziyyəti çox gözəl bilən bir insandır. Əminəm ki, həmin istiqamətdə biz də ona dəstək olsaq, lazım olan təkmilləşdirmə işini apararıq və bir gün bu fondun transfersiz işlədiyi günü görərik. Amma digər tərəfdən, insanlarımız, vətəndaşlarımız üçün yeni psixoloji bir mühit yaratmalıyıq. Qardaş, pensiyada yemək, içmək, gəzmək istəyirsənsə, bu gündən fikirləş. İşə birinci addımını qoyan gündən gözləmə ki, kimsə sənin qocalıqda dərdini çəkəcəkdir, özün fikirləş. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Səlim müəllim, buyurun.
S. Müslümov. Çox sağ olun, cənab Sədr. Mən bütün millət vəkillərinə büdcə layihəsinə belə ciddi şəkildə münasibət göstərdiklərinə görə təşəkkürümü bildirirəm və verilən bəzi sualları cavablandırmaq istərdim.
Oqtay müəllim, ilk öncə Musa müəllim sağlamlıq və sanatoriya-kurort müalicəsi ilə bağlı xərclərin artırılması məsələsini qaldırdı. Bəli, artım üçün buraya təqribən 700 min manata yaxın vəsait yönəldilməsi tələb olunur. Biz bu məsələ ilə bağlı qanun layihəsinin müəllifinə məruzə edəcəyik və məsələnin həll olunması üçün lazımi səylərimizi göstərəcəyik.
Burada Gülər xanım, eləcə də Qənirə xanım bankomatlarla bağlı məsələ qaldırdılar. Mən bir daha qısa şəkildə təkrar etmək istəyirəm ki, artıq biz dəfələrlə bu məsələnin ölkə üzrə monitorinqini Dövlət Sosial Müdafiə Fondu olaraq keçirmişik. Hər bir rayonun ərazisində, hansı kəndlərin cəmləşdiyi ərazidə, hansı yerlərdə əlavə bankomatların qoyulması məsələsini araşdırmışıq. Hər iki bank, həm Beynəlxalq banka, həm də Kapital banka rəsmi müraciət göndərmişik. Bu gün onların bizim qarşımızda öhdəlikləri, bizim də onların qarşısında öhdəliyimiz var. Bizim öhdəliyimiz ondan ibarətdir ki, onların bizim qeydiyyatımızda olan hər bir pensiyaçıya verdikləri kartın bir ilinə görə biz onlara 7,5 ABŞ dollarının manat ekvivalenti qədər xidmət haqqı köçürürük. Onlar məsələ qaldırırlar ki, əgər əlavə bankomatlar qoyularsa, onda bu vəsait artırılmalıdır. Amma bu vəsait də tenderin obyektidir. Biz yalnız onlara xahişlə müraciət edirik. Xahiş edirik ki, bu bankomatların sayını artırsınlar. Amma burada bəyan edirəm ki, növbəti ildə həmin kartların xidmət müddəti başa çatır və biz növbəti tender keçirəcəyik. Növbəti tenderdə artıq həmin məsələləri qəti şəkildə tenderin şərtləri toplusuna daxil edəcəyik. Mən indidən buna sizi inandırıram, burada söz verirəm ki, tender təkliflərində şərtlərin sırasına bu şərt qoyulacaqdır.
Burada İlyas müəllim ödənişlərlə bağlı məsələ qaldırdı. Bizim bir az öncə də bu barədə söhbətimiz oldu. Mən bir məsələni diqqətinizə çatdırmaq istəyirəm. Vaxtilə, yəni 2006-cı il yanvarın 1-nə qədər qüvvədə olan qanuna görə vətəndaş pensiya üçün müraciət etdiyi zamandan yalnız 3 ay öncəyə qədər pensiyanın verilməsi nəzərdə tutulurdu. Bütün keçən dövr üçün pensiyanın verilməsi məsələsini məhz yeni qanun qəbul edilərkən biz qoyduq. Köhnə qanunla cəmi 3 ayın pensiyası verilirdi. Ona görə də böyük-böyük məbləğlərin yaranması, onların ödənilməsi yeni qanunla or-taya çıxıb. Amma çox təəssüflər olsun ki, bu yeni qanunun açdığı imkanlara baxmayaraq, bayaq Əhməd müəllim də bunu qeyd etdi, insanlar əksər hallarda artıq bu məsələyə qeyri-ciddi yanaşırlar və bəziləri 36 ay, 48 ay, 60 aya qədər gecikdirirlər. Onlar pensiya təyin olunması üçün müraciət etmirlər. Bu da böyük məbləğlərə gətirib çıxarır və bəzən bir ayda bu məbləğ 3 milyon manata gəlib çıxır. 3 milyon manat bir ayda Şamaxı boyda 3 rayonun pensiya təminatı üçün tələb olunan vəsaitdir. Əgər biz bu vəsaiti həmin insanlara dərhal ödəsək, 3 rayonun pensiyası həmin ay ödənməməlidir. Bunu nəzərə almaq lazımdır.
Geniş müzakirələrdən sonra kollegiya qərar qəbul etdi ki, həmin məbləğ alınmamış ayların sayına bölünərək aybaay ikiqat məbləğlə pensiya halında ödənsin. Ödəməkdən heç kəs imtina etmir. Sadəcə, bunun ödəmə vaxtından söhbət gedir. Axı qanunda bir maddə də var. “Əmək pensiyaları haqqında” Qanunda göstərilir ki, əgər pensiyaçıya hansısa səbəbdən artıq pensiya ödənibsə, hər ay onun pensiyasının 20 faizindən çox olmamaq şərti ilə həmin məbləğ tutulur. Ona görə də mən soruşuram: İlyas müəllim, yaranan 12 min manat borcunuzu biz Sizin pensiyanızdan 20 faiz hesabı ilə düz altı ilə tutacağıq. Onda bu nə yaxşı haldır, gəlin belə tutaq. Amma ödənməli məbləği birbaşa ödəməliyik? Niyə belə olur? Ona görə də bu mümkün olan məsələ deyil.
Xahiş edirəm, iki tərəfə də eyni dərəcədə yanaşmaq lazımdır. Biz belə qərara gəlmişik ki, əgər siz bizi Konstitu-siyaya zidd hərəkətdə təqsirləndirsəniz, biz “Əmək pensiya-ları haqqında” Qanuna yeni dəyişiklik təklif edəcəyik. Əvvəlki qanunda olduğu kimi, 3 ay müddətini qaytarıb yerinə qoymağı sizdən xahiş edəcəyik, çünki başqa çıxış yolu yoxdur. Əks halda maliyyə planlaşdırılması pozulur və ayrı-ayrı rayonların pensiya təminatının vaxtında həyata keçirilməsi imkanları ortadan qalxır. Ona görə də bizim bu-rada başqa yolumuz qalmır.
Burada Cəmil müəllim bir sıra məsələləri qaldırdı. Mən, təbii ki, bu məsələlərin bəzilərini Cəmil müəllimlə bölüşməyə hazıram. Amma məsələ ondadır ki, bu gün ölkədə formalaşmış əmək haqqı fonduna görə 25 faiz tariflə sosial sığorta haqları toplanır. Bildiyiniz kimi, “vahid pəncərə” sistemi ilə bütün həm hüquqi şəxslərin, həm də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti il məşğul olan fiziki şəxslərin vergi orqanları tərəfindən qeydiyyatı aparılır. Həmin qeydiyyat bazası olduğu kimi Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir. Dövlət Sosial Müdafiə Fondu da həmin qeydiyyat sisteminə düşənlərin təqdim elədikləri rəsmi hesabatlara uyğun olaraq, onların əmək haqqı fondundan 25 faiz hesabı ilə sosial sığorta haqlarını toplayır. Toplanan həmin məbləğ hazırda pensiyaların bu şəkildə maliyyələşdirilməsinə imkan verir.
Bundan əlavə, bu gün fondda olan 1 milyon 300 min pen-siyaçının 630 min nəfərə yaxını 1997-ci ilə qədər pensiyaya çıxan şəxslərdir. Həmin dövrdə sosial sığorta haqları ödəməyiblər. Sovet dövründə sosial sığorta haqqı olmayıb. 1992-ci ilin yanvar ayının 1-dən başlanıb. 1997-ci ilə qədər, 5 il toplanıb. Köhnə qanunla da ən azı 5 il sosial sığorta haqqı ödəyən şəxs əmək pensiyası almaq hüququ qazanırdı. Ona görə də bu 630 min nəfərin pensiyasının vaxtında maliyyələşdirilməsi bu gün böyük bir maliyyə yükü kimi fondun boynundan asılıb. Bunu təmin etmək üçün fond dövri olaraq, hər il sizin təsdiq elədiyiniz büdcədə görürsünüz, Dövlət Neft Fondunun dövlət büdcəsinə verdiyi transferin bir hissəsini öz büdcəsinə alır və oradan həmin pensiyaların maliyyələşdirilməsini həyata keçirir.
Cəmil müəllim burada qeyd etdi ki, adambaşına düşən ümumi daxili məhsulun həcmi 4501 manat göstərilib. Elə ölkələr var ki, bunun məbləği azdır, amma pensiya çoxdur. Mən xahiş edirəm, onların bir-ikisini mənə misal çəkəsiniz, mən də baxaram. Mən bircə məlumatı sizin diqqətinizə çatdırmaq istəyirəm. MDB dövlətləri içərisində minimum pensiyaya görə Rusiya və Qazaxıstandan sonra Azərbaycan bu gün üçüncü yerdədir. İkinci yerdə idi, Rusiya pensiyaları artırdı və birinci yerə keçdi. İndi birinci yerdə Rusiya, ikinci yerdə Qazaxıstan, üçüncü yerdə Azərbaycandır. Azərbaycan da minimum pensiyanın həcminə görə Ukraynanı, Belarusu və digər ölkələri bu gün qabaqlayır. Bunu nəzərə almaq lazımdır. Bayaq Əhməd müəllim tərəfindən gözəl bir söz söylənildi. Hər kəs ayağını yorğanına görə uzatmalıdır. Yəni bu gün toplanan vəsaitimiz, əmək haqqı fondumuz budur.
Orta aylıq əmək haqqı gələn il 360 manat olacaq. 360 manatın haradan yaranmağı barədə, Cəmil müəllim, bir daha qeyd etmək istəyirəm. Mən xahiş edirəm, açın statistik bülletenləri. Orada bu aydın görünür. Bu gün mədənçıxarma sənayesində 130 minə yaxın insan çalışır və 2010-cu ildə onların orta aylıq əmək haqqı 1069 manatdır. Orta aylıq əmək haqqı elektrik sənayesində 312 manat, nəqliyyatda 406 manat, maliyyə vasitəçiliyində 888 manat, dövlət idarəçiliyində 375 manatdır. Bunların hamısı statistik bülletenlərdə var və gələn il üçün orta aylıq əmək haqqı 360 manat nəzərdə tutulur. Əmək haqqı fondundan da 25 faiz hesabı ilə biz gələn il 1 milyard 245 milyon manat məcburi dövlət sosial sığorta haqqı toplayacağıq.
Yox, əgər, Valeh müəllimin burada qeyd etdiyi kimi, məcburi dövlət sosial sığorta haqlarının məbləğini artırmaq istəyiriksə, onda gəlin tarifi qaldıraq. Amma bu zaman biznesin əlavə yüklənməsi baş verəcək. Digər tərəfdən, siz buyurursunuz ki, gəlin, tarifi aşağı salaq. Axı bunlar bir-birini tutmur. Onda gərək biz başqa ölkələrdəki kimi tarifi qaldıraq. Məsələn, Valeh müəllim burada qeyd etdi, Avropa ölkələrinin əksəriyyətində tariflər bizdəkindən dəfələrlə yüksəkdir. Amma orada sosial sığortanın 50 faizini işəgötürən, 50 faizini isə işçi öz əmək haqqından ödəyir. Əgər bu sistemə keçsək, onda məcburi dövlət sosial sığorta haqları da artacaq, pensiyaların da artımı üçün imkan yara-nacaq. Amma bunu başqa cür etmək mümkün deyildir.
Burada Pənah müəllim məsələ qaldırdı. 1990–1995-ci illərdə Milli Məclisin üzvü olmuş şəxslərin pensiya təminatı ilə bağlı Milli Məclisin keçən iclasında müzakirə zamanı da məsələ qaldırıldı və mən o zaman da fikrimi bildirdim. Bu məsələ ilə bağlı hələ 1990-cı illərin sonunda birinci instan-siya, ikinci instansiya məhkəmələrinin və sonra Ali Məhkəmənin qərarı var. Bu qərarın bizim tərəfimizdən icrası məcburidir. Bu gün məsələ yenidən qalxıb, məhkəmədə bax-ılır. Müstəqil Azərbaycan Respublikasında müstəqil məhkəmə sistemi var. Əgər məhkəmə qərar çıxarsa ki, bəli, onlara deputat pensiyası verilsin, biz bunu verəcəyik. Biz məhkəmənin qərarlarını yerinə yetiririk. Biz icraçı orqanıq. Bu gün masanın üstündə bunun verilməməsi barədə məhkəmə qərarı var. Əgər həmin qərardan fərqli, ödəmə haqqında yeni qərar ortaya çıxarsa, biz onu yerinə yetirəcəyik. Burada heç bir ayrı-seçkilik yoxdur və qətiyyən düşünmək lazım deyil ki, həmin pensiya müxalifətdə olanlara verilmir, bu yanlış bir fikirdir. Çünki onların yarı-dan çoxu o zaman iqtidarda olmuşlar və hazırkı iqtidarı dəstəkləyən insanlardır. Həmin məhkəmə qərarına görə onlara da bu pensiya verilmir. Amma məhkəmə qərarı dəyişərsə, həmin insanlara biz də bu pensiyaları ödəyəcəyik. Burada heç bir başqa məsələ axtarmaq lazım deyil.
Burada qoyulan məsələlərdən biri də transferin artırılmasıdır. Gördüyünüz kimi, mən bir az öncə qeyd etdim. Bu gün transferin artırılması prosesi gedir. Növbəti ildə 30 faizə qədər artırılacaq, çünki formalaşan Əmək Haqqı Fondundan mövcud pensiyaları təmin etməyin, maliyyələşdirmənin başqa yolu da yoxdur. Transfer də artmalıdır və hökumət də bu addımı atır. Hələlik biznesin əlavə yüklənməsinə getmirik. Mən bunu çıxışımda da qeyd etdim. Amma hər halda zaman göstərəcək ki, bu mütləq olmalıdır. Qeyd olundu ki, büdcə layihəsinin özündə büdcə təşkilatlarından 496 milyon manat, amma orada çalışanlardan 67 milyon manat toplandığı göstərilir. Mən bunu izah etmək istəyirəm. Tarif 25 faizdir. Onun 22 faizini təşkilat, 3 faizini işçi əmək haqqından ödəyir. Burada da həmin məsələdir. Toplayın 496 ilə 67-ni, bölün 25-ə, vurun 22-yə və 3-ə bu rəqəmləri alacaqsınız.
Sonda, mən bir daha millət vəkillərinə dərin təşəkkürümü bildirirəm. Mən Valeh müəllimin qaldırdığı sualların cavab-larını ikili müzakirədə ona söylədim. Hər zaman da Dövlət Sosial Müdafiə Fondu olaraq bu təklifləri müzakirə etməyə hazırıq. Mən bir daha bütün deputatlara, millət vəkillərinə dərin təşəkkürümü bildirirəm. Növbəti seçkilərdə onların hamısına uğurlar arzulayıram. Amma eyni zamanda, bir məsələni bir daha diqqətinizə çatdırmaq istəyirəm. Dövlət Sosial Müdafiə Fondu Səlim Müslümovun fondu deyil, hamımızın fondudur. Hər birimiz təbliğat aparmalıyıq ki, insanlar öz gəlirlərini tam şəkildə leqallaşdırsınlar və Dövlət Sosial Müdafiə Fonduna 25 faiz ödəsinlər ki, gələcəkdə onların da pensiyaları yuxarı olsun. Diqqətinizə görə təşəkkür edirəm.

Azərbaycan  Respublikası  Milli  Məclisi  Sədrinin
birinci  müavini  Z. Əsgərov  sədrlik  edir

Sədrlik edən. Sağ olun, Səlim müəllim. Təşəkkür edirəm. Üçüncü məsələ Azərbaycan Respublikasında 2011-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədədir. Hadi müəllim, buyurun.
H. Rəcəbli. Hörmətli Ziyafət müəllim, üç məsələnin üçü də bir-biri ilə bağlıdır, icazə versəniz, ardıcıl olaraq üçü haqqında qısa məlumat verim, sonra səsə qoyaq.
Sədrlik edən. Olar, buyurun.
H. Rəcəbli. Birinci məsələ yaşayış minimumu ilə bağlıdır. Qanun layihəsində yaşayış minimumu 95 manat müəyyənləşdirilib. Mən paralel gətirmək istəyirəm, bu rəqəm 2007-ci ildə 40 manat olub, indi isə 95 manatdır.
Eyni zamanda, ehtiyac meyarı 75 manat müəyyənləşdirilib. Bu məbləğ 2007-ci ildə 40 manat idi. Belə bir artımın özü göstərir ki, ardıcıl olaraq bu sahədə iş gedir. Bu rəqəmlər yardımların ödənməsində də rol oynayır. Məsələn, 2008-ci ildə ehtiyac meyarına görə 21 min adama yardım göstərilirdisə, 2011-ci ildə bu rəqəm 800 min adam olacaq. O vaxt adamlara orta hesabla 800 manat pul ver-ilirdi, indi 25 manat veriləcək. Bu rəqəmlərin hər biri məqbul rəqəmlərdir. Makroiqtisadi sabitliyin qorunması baxımından çox məqbul rəqəmlərdir.
Üçüncü məsələ. Ziyafət müəllim, biz sığorta sistemi ilə təminat sistemini bir-birindən ayırırıq, müavinət sistemini ayırırıq. Ona görə də burada göstərilən əlilliyin və uşaqların sağlamlıqlarının qorunması məsələləri keçir dövlət büdcəsinin hesabına. Artıq bu müavinətlər sosial sığorta sistemindən ödənməyəcək, dövlət büdcəsindən ödənəcək. Hər üç məsələ xalqın mənafeyi baxımından məqbul məsələlərdir.
Sədrlik edən. Çox sağ olun, Hadi müəllim. Pənah Hüseyn, buyurun, müzakirəyə başlayırıq.
P. Hüseyn. Çox təşəkkür edirəm, Ziyafət müəllim. Biz hər il, yəni 5 il burada deputat olduğumuz müddətdə bu məsələlərə baxmışıq. İstər bizim çıxışlarımızda, istərsə də bizə cavab verənlərin dediklərində eyni məsələlər təkrarlanır, bir qədər də yeknəsəqlik yaranır. Amma mən hörmətli Valeh müəllimin çıxışına qulaq asdım. Biz sovet, kommunist rejimi dövründə Marksın “Kapital”ını oxuyaraq ictimaiyyətə baxışlar görmüşük, sonra da bundan əl çəkmişik. Mən burada hörmətli Siyavuş müəllimin də çıxışına qulaq asdım, o da kapitalizmdən danışdı. Biz o vaxt hesab edirdik ki, həqiqətən, kapitalist deyilən şəxs xalqın, əməkçinin və kütlənin əksəriyyətinin qanını soran, nə isə bədheybət bir varlıqdır. Mən bu çıxışlara qulaq asdım, sözün doğrusu, həmin obraz artıq yenidən mənim nəzərlərimdə canlandı. Burada “cibinə görə yaşasın, imkanına görə yaşasın, dövlət dərman almalı deyil” kimi fikirlər səsləndi. Belə çıxır ki, ölürsə, ölsün?
İndi biz ehtiyac meyarı və yaxud yaşayış minimumunu müəyyən edirik. Bu insanlar cəmiyyətin böyük bir hissəsini təşkil edirlər. Milyonlarla olan hissəsidir. Əgər kapitalizm və bazar iqtisadiyyatı deyilən məsələ budursa, ifadəmə görə üzr istəyirəm, amma bunu deməyə bilmərəm, amansız, haqsız və yırtıcı bir şəkildə xalqa münasibəti göstərirsə, əvvəl-axır bu cür cəmiyyətə çıxmamaq, sadəcə olaraq, mümkün deyil.
Bir neçə gün, səhv etmirəmsə, 3–4 gün əvvəl “Respublika” qəzetində Azərbaycan Dövlət Tibb Universitetinin Qidalanma və kommunal gigiyena kafedrasının professoru, tibb elmləri doktorunun məqaləsi dərc olunmuşdur. O, həmin məqalədə göstərmişdir ki, Azərbaycandakı rəsmən elan olunan indiki statistik qiymətlərlə uşağın normal böyüməsi üçün onun təxminən 250 manatlıq qida alması vacibdir. Yəni normal elmi şəkildə müəyyən olunmuş qidanın həcmi bu qədər edir. Bu məbləğ yaşlı əhali, uşaq və yeniyetmələr üçün də müəyyən qədər dəyişir. Amma ən azı təxminən 180–250 manat edir. İndi biz burada belə bir ehtiyac meyarı və üstəlik də yaşayış minimumu müəyyən edirik. Belə görünür ki, gələcəyimizi və xalqımızın genefondunu təşkil edəcək Azərbaycan uşaqlarının yüzdə doxsanı elmi cəhətdən müəyyən olunmuş normal qidalanma imkanına belə malik deyildir. Siz isə burada deyirsiniz ki, işçi gərək əvvəldən fikirləşsin. Məsələn, 200 min müəllimə və yaxud 250 min həkimə dilənçi əmək haqqı verirsən. Sonra soruşursan: “bəs sən harada idin ödəyəndə?”. Haradan ödəməli idi sosial sığorta fonduna ki, sonra əmək haqqını alsın? Bunu demək üçün insanın özündə insaf və ədalət duyğuları olmalıdır, ya yox?
Hörmətli Milli Məclis, bir daha təkrar edirəm, biz dəfələrlə səsləndirdik. Əlbəttə, bu, Səlim Müslümovdan və ya-xud əmək və əhalinin sosial müdafiə nazirindən asılı məsələlər deyildir. Bunlar bütöv halda, ölkənin ümumi sosial siyasətinin konseptual şəkildə dəyişdirilməsi, bu cür göstəricilərin, yəni minimum əmək haqqının və ehtiyac meyarının müəyyən olunan standarta və əmək haqqının orta standartlar səviyyəsinə çatdırılmasıdır. Məsələn, Türkiyənin yarısı qədər olsun. Təkrar edirəm, Türkiyənin yarısı qədər. Orada sual verdilər və cavab verdik ki, ümumi daxili məhsul Türkiyədə 10 min dollardır. Bizdə ümumi daxili məhsulun adambaşına düşən həcmi təxminən Türkiyədəkinin 60 faizi qədərdir. Onun 60 faizini deməyəcəyik, yarısı qədər olsun. Türkiyədə orta vəzifəli məmurlar pensiyaya 55 yaşında, bəzən 62–65 yaşında çıxarkən 30 min lirədən 70 min lirəyə qədər birdəfəlik müavinət alırlar. Bilirsiniz, orada birdəfəlik ödəmə var. Bizdə belə bir şey yoxdur, 3 aylıq nəsə ödəmək məsələsini kənara qoyaq, bu da 200–300 manat edir. Bundan da əlavə bizdən qat-qat çox təqaüd, pensiya və sair alırlar. Bu yanaşma ciddi bir şəkildə dəyişdirilməlidir. Bu, qeyri-elmi, antisosial bir yanaşmadır. Mən ümid edirəm ki, əvvəl-axır Azərbaycanda bu məsələlərə həqiqi yanaşan Milli Məclis olacaqdır. Təşəkkür edirəm.
V. Ələsgərov. Mən söz istəyirəm, xahiş edirəm.
Sədrlik edən. Buyurun, Valeh Ələsgərov.
V. Ələsgərov. Mən kiminsə çıxışını heç vaxt şərh etməmişəm. Pənah bəy, mənə isbat etməlisiniz ki, Siz dediy-iniz sözlərin birini mən demişəm, stenoqram var. Mən həmin sözləri bir-bir Sizə qaytaracağam. İkinci dəfədir, Sizdən xahiş edirəm. Bir dəfə mənə söz verdiniz, yerinə yetirmədiniz. Stenoqramı Sizə göstərdim, dediniz ki, əşi, çıxışdır da, siyasətdir, etmişəm. Bu gün çıxışınızda mənə aid dediyiniz sözlərin birini də mən deməmişəm. Mən ikili mühasibatdan söhbət düşəndə dedim ki, həmin adamların birindən soruşun, indidən pensiyasını fikirləşirmi? Nə dedimsə, adamlara aid dedim. Ona görə xahiş edirəm, çıxış-larınızda səliqəli olun. Bu bir.
İkinci, xahiş edirəm, stenoqramı götürün, mənə göstərin ki, Valeh Ələsgərov, bax, sən bu sözü dedin, mən də təkrar etdim. Mən də sizin stenoqramı götürüb burada çıxış edəcəyəm. Mütləq çıxış edəcəyəm.
Üçüncü, Türkiyə ilə müqayisə etdiniz, nə mən, nə də burada oturanlardan biri bu milləti Sizdən az istəmir. Öz işimizlə isbat etmişik ki, daha çox istəyirik. Türkiyə Cümhuriyyəti 80 ildən də artıqdır ki, maaş sistemini, təqaüd, pensiya sistemini qurur. Onun bazasında yaranan fondların maliyyə dəyərini bilirsinizmi? Yox, zəmanət verirəm ki, bilmirsiniz. 86 il qurulan fondu yeni yaradılmış fondla müqayisə edirsiniz. Dünənə kimi bu fondun nəyi var idi? 10 il bundan qabaqkı Azərbaycanın büdcəsini, fondun büdcəsini götürün. Nə qədər artıb bu fondun büdcəsi, Azərbaycanın bütün büdcəsi? Buna da baxmaq, fikir vermək lazımdır. İşi bilən, ağıllı, milləti sevən idin, hakimiyyəti əlində saxlayaydın, milləti sevindirə-sevindirə, sevə-sevə göyə qaldıraydın. Niyə əldən verdin hamısını? Bu qədər hamını tənqid etmək, təhqir etmək olar? Heç kimin heç bir şeydən başı çıxmır, heç kim bu milləti istəmir, hamı oğrudur məndən başqa? Birinci şərti yadınıza salacağam. Üzr istəyirəm, birinci və axırıncı dəfədir bu qədər emosional çıxış edirəm.
Sədrlik edən. Sağ olun, Valeh müəllim. Siyavuş Novru-zov.
S. Novruzov. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Burada bir neçə məsələyə toxunuldu. Biz çıxışlarımızda qeyd etmədik ki, insanlar kimdən asılı vəziyyətdə olmalıdır-lar, ya asılı vəziyyətdə olmamalıdırlar. Söhbət nədən gedir? Bu gün insan işləyir, çalışır və əmək haqqı alırsa, həmin əmək haqqının ekvivalenti olan pensiya alır. Burada tez-tez müəllimlər haqqında danışılır. Müəllim həftə ərzində cəmi 14 saat işləyir. Yaxşı işləyəndə bir gündə 14 saat, bəzən 2 gün ərzində 14 saat işləyirik. Həftənin qalan 5 günü müəllimin heç bir işi yoxdur, yəni o, başqa yerdə də çalışa bilər.
Bu gün Azərbaycanda problem nədir? Bütün valideynlər yaxşı müəllim axtarırlar. Söhbət sosial bərabərlik prinsipindən, ona verilən məvacibdən getmir. Yaxşı müəllimi çıraqla axtarırlar. Hər bir valideyn uşağına əlavə dərs keçməsi üçün və yaxud məktəblərdə dərs... Yaxşı müəllim varsa, həmin məktəb yaxşı məktəbdir. Məktəb müəllimlə müəyyənləşir, təmiri ilə və sair ilə yox. Müəllim həftə ərzində 14 saat dərsini deyir. Həftəyə bölsək, gündə 3 saat işləyir. Sonradan da gəlib Səlim müəllimə deyir ki, Səlim müəllim, mənə pensiya ver. Dövlət idarəsində 8 saat, yəni səhərdən axşama qədər işləyib fəaliyyət göstərən müvafiq miqdarda, deyək ki, 120 manat əmək haqqı alır. Maaşa əlavələrlə bir yerdə 180, bəzən 200–230 manat olur. Müəllimin əlavə vaxtı var, mütaliə etmək və əlavə tədris imkanları mövcuddur. Biz hər bir ekvivalenti müəllimin üstünə yönəldib bundan özümüzə siyasi kapital qazanmağa çalışırıq. Elə deyil.
İndiki dövrdə hər bir insan işləyib çalışmalı, qalan vaxtlar ərzində fəaliyyət göstərməli və həm ailənin təminatını, həm də sosial təminatı ödəməlidir. Mən bayaq elə-belə demədim. Bizdə Dövlət Sosial Müdafiə Fonduna yığmaq əvəzinə pul-ları qara günü üçün sandığa yığırlar. Deyir ki, mən öz vəsaitimi sandığıma yığıram və yaxud digər sahələrə yönəldirəm. Məsələn, mən əmək haqqımın 20 faizini Dövlət Sosial Müdafiə Fonduna verirəm. Qocalanda da Avropadakı kimi çamadanını vuracaq qoltuğuna düşəcək dünyanı səyahət etməyə. Biz isə fikirləşirik ki, nəvəmi də, uşağımı da yerbəyer etməliyəm, dövlət də məni saxlamalıdır. Dövlət kifayət qədər vəsait ayırır. Biz dünya görüşümüzü, təfəkkürümüzü dəyişməliyik.
Burada Marksdan misal gətirirlər. Bəli, Marksın “Kapi-tal”ını yaxşı oxumaq lazımdır. Kapitalizmlə sosializm ara-sında gediş nə vaxta qədər davam edəcək? Yəni insanlar sosial düşüncədən uzaqlaşmalıdırlar. Bir də, sosializmdə müəllim işləyirdin, yaxşı yaşayırdın? Eyni əmək haqqını alırdın da. Bu gün həmin əmək haqqıdır. Sosializmdəki 120 manatla indiki 120 manat eynidir. İstəyirsən çörəyə, una, qəndə vuraq, həminki qiymətlər müəyyənləşir. İndi həyat tərzi dəyişib. İnsanlar layiqli, yaxşı həyat yaşamaq istəyirlər. Yaxşı yaşamaq üçün də yaxşı vəsait lazımdır. Dövlət də bu istiqamətdə çalışır, fəaliyyət göstərir, vəsaitləri ilbəil artırır.
Valeh müəllim çox gözəl dedi. Vaxtilə Azərbaycanın dövlət büdcəsi 250 milyon dollar idi. İndi 250 milyon dollar Dövlət Sosial Müdafiə Fondunun 25 faizini heç təşkil etmir. Artım gedir, artır, şərait yaradılır. Bundan sui-istifadə etmək, mənə elə gəlir ki, yersizdir. Hər dəfə büdcəmizi müzakirə edəndə deyirik ki, bizim büdcəmiz sosial yönümlüdür, çünki sosial sahəyə daha çox vəsait ayrılır və imkanlar sosial sahəyə yönəldilir. Sadəcə, bu imkanlardan normal istifadə edib insanlarımızın layiqli həyat şəraitini təmin etməliyik. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Aydın Mirzəzadə.
A. Mirzəzadə. Təşəkkür edirəm, Ziyafət müəllim. Bir qayda olaraq, parlamentdə yaşayış minimumu və ehtiyac meyarının həddi haqqında məsələlər müzakirə ediləndə par-lamentin müxalifətdən olan deputatları müəllimləri və pen-siyaçıları nümunə gətirirlər və onların adından danışmağa səy göstərirlər. Mən bildirmək istəyirəm ki, nə müəllimlər, nə də pensiyaçılar müxalifətdən olan deputatlara onların ad-ından danışmaq səlahiyyəti verməyiblər. Müəllimlərin və pensiyaçıların adından danışmaq praktikasına son qoyul-malıdır. Müəllimlərin də, pensiyaçıların da parlamentdə nümayəndələri var və eyni zamanda, cəmiyyətdə onlar öz fikirlərini deyə bilirlər. Hesab edirəm ki, onların adından danışmağa, bu məsələdə spekulyasiya etməyə heç bir ehti-yac yoxdur.
Bildirilir ki, müəllimlərin maaşı aşağıdır. Bəli, müəllimlərə bu gün layiq olduqları maaşı cəmiyyət hələ tam verə bilməyibdir. Ancaq cəmiyyətin hazırda öz inkişafında verdiyi maaş və pensiya bu qədərdir. Əlbəttə, müəllimlərin maaşını 2–3 dəfə artırmaq olar. Bu o deməkdir ki, əgər müəllimlərin maaşını 2 dəfə artırmaq istəyiriksə, gələn il biz Təhsil Nazirliyinə 1,5 milyard yox, 3 milyard vəsait ayırmalıyıq. 3 dəfə artırmalıyıqsa, onda 4,5 milyard vəsait ayırmalıyıq. Deməli, pensiyaçıların pensiyasını 2 dəfə artırmaq istəyiriksə, Dövlət Sosial Müdafiə Fonduna 2 milyard yox, 4 milyard vəsait ayırmalıyıq.
Mən soruşmaq istəyirəm, əlavə 2–3 milyardı biz haradan alaq? Onsuz da müxalifət Dövlət Neft Fondundan istifadənin əleyhinədir. Deməli, hökumət, sadəcə olaraq, kağız pullar çap etməli və bu kağız pullar pensiyaçılara və yaxud müəllimlərə verilməlidir. İnflyasiyanın əsasını biz artıq qoymuş oluruq. Onda Azərbaycanda inflyasiyanın həddi 5 faiz yox, 100, 500, Zimbabvedəki kimi hətta 10 min faiz ola bilər. Müxalifət bunu arzulayır? Cəmiyyəti buna sürükləyir? Bir qayda olaraq, biz bunun onlar tərəfindən dəlil kimi qabağa atılmasını görürük.
Digər tərəfdən, yaşayış minimumu və ehtiyac meyarı o demək deyil ki, dövlət vətəndaşa “sən ancaq bu verilən vəsaitlə yaşamalısan” deyir. Bu, dövlətin ona verdiyi və müəyyənləşdirdiyi minimumdur. Azərbaycanda, bir qayda olaraq, pensiyaçılar və dövlət tərəfindən təqaüd alanlar ailə içərisində yaşayırlar. Əgər ailə işləməyəcəksə və gözünü an-caq pensiyaçının pensiyasına dikəcəksə, əlbəttə, heç bir ehtiyacını ödəyə bilməyəcək. Bir qayda olaraq, ailə büdcəsi bir çox gəlirlərlə, o cümlədən pensiyaçının da pensiyası ilə dolanır. Bu baxımdan, mənə elə gəlir ki, məsələni ifrat şəkildə qoymaq və ailənin ancaq müəllimin və yaxud pensi-yaçının pensiyası ilə, maaşı ilə dolandığı obrazını yaratmağa heç bir ehtiyac yoxdur. Dövlət bildirir ki, minimum maaş bu qədər olmalıdır. Ehtiyac meyarının minimumu belədir.
Digər tərəfdən, hörmətli Səlim müəllim kifayət qədər rəqəmlərlə dedi ki, ayrı-ayrı sahələrdə olan maaş orta maaşdan kifayət qədər yüksəkdir. Bu gün orta maaş 340 manatdır, gələcəkdə bunlar da artacaq. Statistika göstərir ki, bu gün Azərbaycanda pedaqoji sahədə maaşlar və eyni zamanda, orta pensiya həddi keçmiş postsovet məkanında 2 və ya 3-cü yerdədir. Yəni Azərbaycan öz inkişafı ilə 15-ci yox, 2 və ya 3-cü yerə çatıbsa, bu, gedən inkişafın nəticəsidir. Bu baxımdan hazırda Azərbaycandan qabaqcıl Avropa ölkələrinin həddini tələb etmək, mənə elə gəlir ki, sadəcə, iqtisadiyyatın adi hesab əməllərini bilməməkdən irəli gəlir. Bu məsələnin müzakirəsi ətrafında spekulyasiya-lara son qoymaq lazımdır. Əgər kimsə seçkiqabağı kam-paniyada özünə siyasi xal qazanmaq istəyirsə, tez başlayıb. Bundan ötrü ayın 15-də kifayət qədər imkanlar veriləcək. Sağ olun.
Sədrlik edən. Mən tamamilə Sizinlə razıyam ki, Pənah Hüseyn Seçki Məcəlləsinin tələblərini kobud surətdə pozur və seçkiqabağı kampaniya ilə məşğuldur. Hələ ayın 15-nə 3 gün var, Siz artıq başlamısınız xal yığmağa.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, özünüzü intizamlı aparın. Başqa çıxış etmək istəyən yoxdur? Təşəkkür edirəm. Növbəti məsələyə keçirik. Azərbaycan Respublikası Milli Məclisinin 2011-ci il üçün xərclər smetası haqqında məlumat verir Milli Məclisin işlər müdiri Firudin Hacıyev.

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri  O. Əsədov  sədrlik  edir

F. Hacıyev, Azərbaycan Respublikası Milli Məclisinin işlər müdiri.
Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bildiyiniz kimi, Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində Milli Məclisin və onun Aparatının saxlanması üçün 17 milyon 566 min 801 manat vəsait nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin 52-ci maddəsinə əsasən Milli Məclisin xərclər smetası növbəti ilin dövlət büdcəsinə baxılarkən təsdiq edilir. Gələn il üçün tərtib olunmuş xərclər smetasının layihəsi sizə paylanmışdır. Milli Məclis və onun Aparatının 2011-ci il üçün xərclər smetasının layihəsi mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun olaraq ştat cədvəlləri, inzibati binalarına, mühəndis qurğularına xidmət göstərən təşkilatlarla bağlanmış müqavilələr və proqnozlar əsasında tərtib edilmişdir.
Xərclər smetasının ümumi dəyərinin 70,7 faizini əmək haqqı fondu və əmək haqqı ilə əlaqədar ayırmalar təşkil edir. Son illər ölkədə aparılan məqsədyönlü siyasətin nəticəsi olaraq Azərbaycan parlamentinə xarici ölkələrdən gələn qonaqların və Milli Məclisin deputatlarının xarici səfərlərinin, eləcə də ölkədaxili ezamiyyələrinin sayı xeyli artmışdır. Bununla bağlı 2011-ci ilin xərclər smetasının ezamiyyə xərcləri maddəsi üzrə 1 milyon 18 min manat məbləğində vəsait ayrılması nəzərdə tutulmuşdur.
Diqqətinizə çatdırmaq istəyirəm ki, rabitə xidmətləri haqqının ödənilməsi ilə əlaqədar olan xərclər yarımmaddəsi üzrə 191 min 920 manat məbləğində vəsait ayrılması planlaşdırılmışdır. Qeyd olunan vəsaitdən 44 min 250 manat Milli Məclisə xidmət edən Xətai və Yasamal rayon telefon qovşaqlarının, “AzEvroTel” Birgə Müəssisəsinin, Səbail rayon poçt-teleqraf idarəsinin, hökumət ATS-nin, şəhərlərarası telefon stansiyası və digər rabitə təşkilatlarının ilkin abunə haqlarının və xidmətlərinin ödənilməsi üçün, 93 min 750 manat beynəlxalq və ölkədaxili telefon danışıqları, 12 min manat Avropa Şurası Parlament Assambleyasından beynəlxalq telefon danışıqları, 41 min 921 manat isə İnternet və poçt xidmətləri ödənişləri üçün nəzərdə tutulmuşdur.
2011-ci ilin xərclər smetasında yanacaq və sürtgü materiallarının alınması və nəqliyyat xidmətləri haqlarının ödənilməsi yarımmaddələri üzrə cəmi 347 min 734 manat vəsait nəzərdə tutulmuşdur ki, bu da 2010-cu illə müqayisədə 19 min 4 manat azdır. Bildirmək istəyirəm ki, 2011-ci ilin xərclər smetasının qeyri-maliyyə aktivlərinin alınması maddələri üzrə nəzərdə tutulmuş vəsait 2010-cu illə müqayisədə 94 min 892 manat azaldılmışdır. Bu maddə üzrə cəmi 405 min 108 manat məbləğində vəsait nəzərdə tutulmuşdur.
2011-ci ilin xərclər smetasında yataqxana xərcləri üçün 30 min manat, digər kommunal xidmətlərin ödənilməsi üçün 57 min 788 manat, istehsal malları və materialların alınması üzrə 40 min manat vəsait artırılmışdır. Nəqliyyat xidmətləri haqqının ödənilməsi yarımmaddəsində 347 min 734 manat vəsaitdən 197 min 734 manat vəsait yanacaq və sürtgü materiallarının alınması üçün, digər nəqliyyat xidmətləri haqlarının ödənilməsi yarımmaddəsində isə 150 min manat vəsait Milli Məclisin xidməti avtomaşınlarına xidmət haqqının ödənilməsi üçün nəzərdə tutulmuşdur.
Qeyd etmək istəyirəm ki, Milli Məclisə gələn nümayəndə heyətlərinin qəbulu, onlara xidmət göstərilməsi və sair xərclər üçün yarımmaddələr üzrə 2011-ci il üçün 750 min manat məbləğində vəsait nəzərdə tutulmuşdur. Bundan başqa, İşlər idarəsinin digər xərcləri maddəsi üzrə 192 min 400 manat, elektrik enerjisi haqqının ödənilməsi yarımmaddəsinə 250 min manat və 282000 cari və sair xərclər yarımmaddəsinə 95554 manat ayrılmışdır. Bu isə müasir binaların saxlanmasında və sair xərclər yarımmaddəsində böyük maliyyə çətinlikləri yarada bilər.
Hesablamalar göstərir ki, 15 mərtəbəli yeni korpusun istifadəyə verilməsi ilə əlaqədar 221310 idarənin digər xərclər yarımmaddəsində 150 min manat, 224000 elektrik enerjisinin ödənilməsi yarımmaddəsinə 50 min manat və 282000 sair xərclər yarımmaddəsinə isə 24 min manat vəsait əlavə edilməsi tələb olunur. Vəsaitin çatışmaması ilə əlaqədar olaraq indiyə qədər hər ilin sonunda daxili büdcə hesabına 180-250 min manat vəsaitin maddədən maddəyə yönəldilməsi ilə bağlı Maliyyə Nazirliyinə müraciət edilmişdir. Bu məsələlərin həllində hörmətli maliyyə naziri Samir müəllim bizim yazılı müraciətlərimizə həmişə böyük diqqət və qayğı ilə yanaşmışdır.
Nəzərinizə çatdırıram ki, 2011-ci ilin xərclər smetasında 311220 nəqliyyat vasitələrinin alınması yarımmaddəsi üzrə vəsait nəzərdə tutulmamışdır. Milli Məclisin avtoparkının maddi-texniki bazasının yaxşılaşdırılması məqsədi ilə yeni avtomaşınların alınması üçün nəqliyyat vasitələrinin alınması yarımmaddəsinə 400 min manat vəsaitin ayrılması tələb olunur. Hörmətli Samir müəllim, sadalanan məsələləri nəzərə alaraq 2011-ci ilin xərclər smetasında 221310 idarənin digər xərcləri yarımmaddəsinə 150 min manat, 224100 elektrik enerjisinin ödənilməsi yarımmaddəsinə 50 min manat, 282100 sair xərclər yarımmaddəsinə 25 min manat və 311220 nəqliyyat vasitələrinin alınması yarımmaddəsinə 400 min manat vəsait əlavə olunmasına köməklik göstərməyinizi Sizdən xahiş edirəm.
Hörmətli deputatlar, nəzərinizə çatdırıram ki, cari ildə Milli Məclisə 84 ədəd müasir tipli kompüter, faks, kseroks və sair aparatlar alınıb və müasir otaq və salonlarda quraşdırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə Milli Məclisin inzibati binasında təmir və yenidənqurma işlərinin aparılması üçün lazımi vəsait ayrılmışdır. Həmin vəsait hesabına hazırda inzibati binanın 14-cü mərtəbəsində əsaslı təmir və yenidənqurma işləri aparılır. Bundan başqa, 15 mərtəbəli deputat korpusunun 15-ci mərtəbəsindəki iclas salonunda komitələrin birgə iclaslarının keçirilməsi üçün tələb olunan simsiz mikrofonlar sifariş edilmişdir. İnzibati binaların dam örtüyündə 1500 kvadratmetrdən çox sahədə izolyasiya işləri aparılır. Bu işlərin cari ilin sonuna kimi başa çatdırılması nəzərdə tutulmuşdur.
Hörmətli deputatlar, nəzərinizə çatdırıram ki, 2005–2010-cu illər ərzində Milli Məclisin inzibati binalarının həm xarici görünüşünün, həm də daxili interyerinin müasir standartlara uyğunlaşdırılması üçün əsaslı yenidənqurma və təmir işləri həyata keçirilmişdir. Bundan başqa, bildirmək istəyirəm ki, Milli Məclisin inzibati binasında, həyətyanı sahəsində, avtoparkında mütəmadi olaraq aparılan yenidənqurma işləri bu gün də davam etdirilir.
Hörmətli Sədr! Hörmətli deputatlar! 2011-ci ilin dövlət büdcəsində Milli Məclis üçün nəzərdə tutulmuş xərclər smetasına dair əlavə açıqlamaya ehtiyac olduğu təqdirdə suallarınıza cavab verməyə hazıram. Sizdən Milli Məclisin 2011-ci il üçün xərclər smetası layihəsinin təsdiq edilməsinə səs verməyinizi xahiş edirəm. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Sağ olun, Firudin müəllim. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox sağ olun, cənab Sədr. Firudin müəllimə ətraflı məlumat üçün təşəkkürümü bildirirəm. Oqtay müəllim, biz ənənə üzrə artıq hər il büdcəni qəbul edəndə bu məsələni qaldırırıq. Bu il də mən həmin məsələni qaldırıram. Biz büdcəni təsdiq edərkən ayrı-ayrı nazirliklərin şöbə müdirlərinə avtomobillərin alınması ilə bağlı vəsait ayırırıq, halbuki həmin şöbə müdirləri tezdən işə gəlir, axşam da evə gedirlər. Amma deputat siyasi-ictimai xadim kimi gün ərzində bir neçə, bəzən 3 tədbirdə iştirak edir. Ya bizim əmək haqqımızda şəxsi avtomobildən istifadə etdiyimizə görə əlavə vəsait ayrılsın və ödənilsin, ya da dövlət avtomobillərindən istifadə etməyən millət vəkillərinə avtomobillər alınsın. Elə millət vəkilləri var ki, onlar dövlət universitetlərinin rektorlarıdır, dövlət səhmdar cəmiyyətlərinin sədrləridir və sair. Onlar onsuz da dövlət avtomobillərindən istifadə edirlər. Yerdə qalan millət vəkili onsuz da çox deyildir.
Bu təkcə məsələnin maddi tərəfi ilə bağlı deyil, həm də hakimiyyətin müstəqil qolunun nüfuzu məsələsidir. Yəni dövlətin hakimiyyətin digər bir qoluna münasibətidir. Yenə də söyləyirəm ki, nazirliyin şöbə müdiri avtomobildən istifadə edir, amma millət vəkili bu hüquqdan məhrumdur. Özü də biz bu büdcəni təsdiq edirik, ayırırıq. Özümüzə bu münasibəti, mən hesab edirəm ki, dəyişməliyik.
Bundan başqa, mən hesab edirəm ki, bizim əmək haqları ilə də bağlı məsələyə baxmaq lazımdır. Bizim əmək haqlarımızın da artırılmasına ehtiyac var. Mən, əlbəttə, minnətdarlıq hissi ilə qeyd edirəm ki, əvvəlki dövr ilə müqayisədə biz indi xarici ölkələrə səfərlər edərkən heç də digər ölkələrin millət vəkillərinin qarşısında utanmırıq, normal mehmanxanalarda yer alırıq, normal şəraitdə xarici ölkələrə səfərlər edirik, yəni bunların hamısının fərqindəyik, bunları qiymətləndiririk. Bizim üçün yeni bina tikildi, otaqlar kompüterlərlə təmin olunub.
Hər bir millət vəkili üçün şərait yaradılıb. Amma hesab edirəm, bunun davamı da olmalıdır. Millət vəkilləri üçün ayrı-ayrı nazirliklər, ayrı-ayrı idman kompleksləri ilə müqavilələr bağlayıblar. Bakı Dövlət Universitetinin idman meydançasında bir-iki dəfə gedib futbol da oynamışıq, gözəl bir idman kompleksi var. Milli Məclis üçün də bunu yara-daq, yaxud müqavilə bağlayaq. Biz də cəmiyyətin bir hissəsiyik, bizim Aparatımız var, Aparatın işçiləri, millət vəkilləri də orada idmanla məşğul ola bilərlər.
Mən diqqətinizə görə minnətdarlığımı bildirirəm. Hesab edirəm ki, Milli Məclisin rəhbərliyi və millət vəkilləri mənim qaldırdığım bu məsələyə diqqətlə yanaşacaqlar. Çox sağ olun.
Sədrlik edən. Sağ ol, Qüdrət, amma hamısını birdən etmək olmur. Növbə ilə, yavaş-yavaş hamısı olacaq, ona görə də tələsmək lazım deyil. Pənah Hüseyn.
P. Hüseyn. Çox təşəkkür edirəm, hörmətli Sədr. Artıq 5 ildir Milli Məclisdə fəaliyyət göstəririk və öz fəaliyyətimizdə Milli Məclis Aparatının işçiləri, ekspertləri, sıravi işçiləri, burada təmizliyə baxan insanlardan tutmuş, Şakir bəyə, İsmayıl bəyə qədər bizim əziyyətimizi çəkirlər. Mən, əlbəttə, onlardan üzərimizdə olan haqlarının halallığını istəyirəm və onlara təşəkkür edirəm.
İkinci, mən dəfələrlə bu məsələni qaldırmışam. Oqtay müəllim, texniki işçilərin, müqavilə ilə işləyənlərin əmək haqlarının ödənilməsindəki problemlərin, yəni onların oldu-qca az, ştatda olan işçilərə nisbətən az əmək haqqı almaları probleminin də həllini təklif edirəm. Onların, həqiqətən, əziyyəti çoxdur, bizim məktublarımızın göndərilməsi və sair işlər onlardan asılıdır. Mən çox arzu edirəm ki, Milli Məclisin büdcəsi daxilində bu məsələ həll olunsun.
Siz də söz vermişdiniz, verdiyiniz sözləri yerinə ye-tirirsiniz, bunu da qeyd edirəm. Siz Milli Məclisdə ən gözəl bir kitabxana olacağına söz vermişdiniz. Kitabxana üçün gözəl yer ayrılmışdır. Amma hələ onun üzərində xeyli işləmək lazımdır. Oraya yeni kitablar gətirilməlidir. Milli Məclisin çox zəngin arxivinin orada olmasını da nəzərə al-maq lazımdır. Mən də ara-sıra kitabxanadan istifadə edirəm. Orada hələ görülməli işlər xeyli çoxdur. Digər ölkələrin parlamentləri ilə əlaqə saxlanılmasına, lazımi ədəbiyyatın buraya gətirilməsinə ciddi ehtiyac vardır. Bu məsələnin düzəldilməsini xahiş edirəm.
Həqiqətən, 5 il ərzində Milli Məclisin maddi-texniki təchizatı və binaları xeyli düzəlmişdir. Amma bununla yanaşı, işin keyfiyyətcə yeni bir mərhələsinə keçməyin, mənə elə gəlir ki, vaxtı gəlib çatmışdır. Milli Məclisin televiziyasının və onun maddi-texniki bazasının yaradılmasının vaxtı gəlib çatmışdır. Buradakı çəkilişi televiziya kimi qələmə vermək mümkün deyildir. Keçid dövrü üçün, heç olmasa, bir radionun və yaxud İnternet radiosunun, televiziyasının yaradılması üçün indiki büdcə daxilində müəyyən ayırmaların edilməsi mümkündür. Bir daha təkrar edirəm, Azərbaycan dövlətinin və dövlətçiliyin əsas atributlarından biri kimi onun parlamentinin, parlamentin Aparatının işini, fəaliyyətini təmin edən bütün məsələlərin nizama salınması, həm də bizim onlara ayıracağımız maddi vəsaitdən və onların büdcəsindən asılıdır. Bu iki gün ərzində keçirilən büdcə müzakirələrində çox ürəklə lehinə səs verəcəyim yeganə sənəd də bu sənəd olacaqdır.
Sonda fikrimi bitirmək istəyirəm. Milli Məclisin büdcə müzakirələrini bir gün tez, vaxtından əvvəl qurtardıq. Bu, Müsavat deputat qrupunun və təmsil etdiyimiz siyasi parti-yaların tələbi idi. Bizə tapşırıq vermişdilər ki, ölkədə seçki kampaniyası ilə bağlı yaranmış olduqca kritik antidemok-ratik vəziyyətin müzakirəsi üçün qalan bir gündən Milli Məclisin işinin davam etdirilməsi və bu məsələnin müzakirəyə çıxarılması üçün istifadə olunmasını Milli Məclisin deputatlarından xahiş edək. Təşəkkür edirəm.
Sədrlik edən. Pənah bəy, əmək haqları ilə bağlı narahat olmayın, müqavilə ilə işləyənlərin hamısının əmək haqqı qaldırılıb, ancaq texniki işçilərin əmək haqqı “Dövlət qul-luğu haqqında” Qanuna dəyişiklik qəbul edəndən sonra mümkün olan məsələdir. Bu bir.
İkinci, kitabxana da yüksək imkanlara malikdir, orada elektron kitabxana da yaradılıb, getdikcə də yavaş-yavaş zənginləşəcək. Birdən-birə biz dünyanın bütün kitablarını buraya gətirə bilmərik.
Bir gün də işləmək məsələsini Müsavat deputat qrupu xa-hiş edir, ancaq ayın 15-dən təbliğat dövrü başlayır və namizədlərin əksəriyyəti rayonlara gedəcək, ona görə biz deputatların xahişini nəzərə alaraq, bu işləri tez qurtaraq ki, deputatlarımız təbliğata qoşula bilsinlər. Siyavuş Novruzov.
S. Novruzov. Təşəkkür edirəm, Oqtay müəllim. Firudin müəllim də çox geniş şəkildə məlumat verdi. Həmkarım Pənah Hüseynin kövrək notlar üzərində çıxışından sonra qeyd etmək istəyirəm ki, darıxma, halallığa hələ ehtiyac yoxdur, seçiləcəksən.
Milli Məclisin büdcəsi burada çox yaxşı təqdim olundu, amma təqdimatla yanaşı bir şeyi qeyd etmək istəyirəm. Bu-rada qeyd olunur ki, bizim parlamentin büdcəsi cəmi 17 mi-lyon manatdır. Azərbaycanda bu gün fəaliyyət göstərən nor-mal bir şirkətin büdcəsi Milli Məclisin büdcəsindən çoxdur. Milli Məclisin apardığı işin miqyasına baxaq, Milli Məclisə gələn qonaqların, Milli Məclisdən ezamiyyətə gedən in-sanların sayı planlaşdırılan iş deyil. Sabah hansı isə ölkənin bir dostluq qrupu deyir ki, Azərbaycana gəlmək istəyirəm. Bunu Firudin müəllim maliyyə nazirinə yaza bilməz ki, gözlənilmədən filankəs gələcək, təxmini proqnoz verilə bilər.
Azərbaycana diqqət artır, Azərbaycanda gedən işlərə hər bir ölkənin diqqəti artır. Azərbaycan parlamentinin gücünü, qüdrətini və orada aparılan işin həcmini gördükcə, təbii ki, Azərbaycana diqqət artır, dostluq qrupları əlaqə saxlamaq istəyirlər. Ayrı-ayrı dövlətlər əlaqə saxlamaq istəyirlər. Başqa-başqa dövlətlərdə bizim məsələlərimiz müzakirə olunur. Tək Türkiyəyə gözlənilmədən 6-7 dəfə nümayəndə heyəti getdi. Bu, büdcədə nəzərdə tutulmamışdı ki? Tutulmamışdı. Ona görə də mən hesab edirəm ki, Oqtay müəllim, bu büdcənin bir az artımı ilə məşğul olmalıyıq. Büdcə necə ki təsdiq olun-mayıb, bu məsələ qaldırılmalıdır. Deputat həmkarlarımızın hamısı da buna dəstək verəcək, buna ehtiyac var.
Milli Məclisdə bu 5 ildə çox böyük işlər görülüb, yeni bina tikilibdir. Nəqliyyat vasitələri, avadanlıq dəyişilibdir, hər bir deputat deputat otağı ilə, hökumət telefonu ilə təmin olunubdur və sair və ilaxır. Mən sadalamaq istəmirəm, çünki hamı bu işin içində iştirak edib. Amma bununla yanaşı, mən yenə hesab edirəm ki, bir balaca bu məsələlərə diqqət yetirilməlidir. Bu gün Milli Məclisin komitə sədri, mən adi deputatı demirəm, hər hansı bir nazirliyin şöbə müdirinin maşınından aşağı səviyyəli nəqliyyat vasitəsi ilə gedir. Düzdür, əvvəl heç bu da yox idi. Amma mən hesab edirəm ki, bir müqayisə aparılmalıdır. Milli Məclisin komitə sədrinin səviyyəsi dövlətin naziri səviyyəsi ilə eynidir. Məsələyə bu cür yanaşılmalıdır. Mən başqa təminatlarını istəmirəm.
Həmkarım Qüdrət Həsənquliyev nəqliyyat vasitəsi ilə bağlı çox gözəl məsələ qaldırdı. Hesab edirəm ki, bu gün Azərbaycan dövlətinin durumu imkan verir ki, Milli Məclisin deputatı nəqliyyat vasitəsi ilə təmin olunsun. Bunu etmək olar, cəmi 125 deputatımız var. Rəhbərliyin, komitə sədrlərinin nəqliyyatla təmin olunduqlarını nəzərə alsaq, 100 nəfər qalır. Hesab edirəm, 100 deputatı nəqliyyat vasitəsi ilə təmin etmək böyük bir problem deyil. Bu büdcəni biz təsdiq edirik.
Əmək haqları məsələsi ilə bağlı. Həm Aparatın işçilərinin, həm də Milli Məclis deputatlarının əmək haqları artırılmalıdır. Bilirsiniz ki, deputatların görünməyən xərcləri həddindən artıq böyükdür. Mən burada imkansız deputatlar adından danışıram, çıxış edirəm, mən onların vəziyyətini bilirəm, özümü oraya qatmıram, amma onların haqqında demək istəyirəm ki, doğru-dan çətindir. Bütün qohum-əqrəba da, dost-tanış da, seçici də birinci Milli Məclisin deputatını yaxalayır və başlayır müəyyən təminatları irəli sürməyə. O biriləri heç yerdə görmürlər, toya da, yasa da gedəndə də binanın qabağında düzülürlər. Mən açıq şəkildə bunu qeyd etmək istəyirəm. Yəni həmin adam-ların, doğrudan da, buna ehtiyacı var.
Digər məsələlərlə bağlı hesab edirəm ki, təminatlar həll olunmalıdır və biz burada heç nədən çəkinməməliyik. Firudin müəllim 4-5 dəfə təşəkkür etdi. Bu büdcəni biz təsdiq edirik. Başda Prezidentimiz olmaqla biz onlara imkan, şərait yaradırıq ki, bu işləri yerinə yetirsinlər. Yerinə yetirmək üçün də Milli Məclisi də bir nəzərə alsınlar. Təşəkkür edirəm.
Sədrlik edən. Siyavuş müəllim, hamı istəyər ki, bütün millət vəkillərinin maşını olsun. Amma nəzərinizə çatdırım ki, hələ elə bir parlament yoxdur ki, orada bütün deputatların maşını olsun. Yəni biz bunun üzərində işləyirik, ancaq bunu etmək üçün birinci növbədə texniki baza yaratmaq lazımdır. Yəni 150–180 maşına qulluq etmək üçün texniki park, şərait yaradılmalıdır. Mən 100 faiz yox, 200 faiz əmin edirəm ki, sabah texniki park, baza olmadan maşınları idarə edə bilməyəcəyik. İndi hələ əldə olan maşınları təmir etməyə, onlara qulluq göstərməyə imkan yoxdur. Bir çox millət vəkilləri, komitə sədrləri müraciətlər də edirlər. Yarımçıq iş görmək olmaz, bizim də fikrimiz var ki, əvvəl texniki im-kanları yaradaq, sonra bunun üzərində işləyəcəyik.
İkinci, Milli Məclisin xərcləri ilə, qonaqlarla bağlı xərclərlə əlaqədar məsələyə toxundunuz. Keçən dəfə çıx-ışımda dedim ki, bu çağırış ərzində gələn qonaqların sayı iki dəfədən çox olub. Hələ indiyə kimi parlament xətti ilə keçirilən elə bir tədbir olmayıb ki, qarşılanmasın, bunun maliyyə tərəfi dəstəklənməsin. Maliyyə Nazirliyi tərəfindən də həmişə ehtiyat fondu təsdiq edilir. Nəyi təsdiq edir? Lazım olanda ehtiyat fondundan kömək edirlər. Milli Məclisdə bu xərcləri artırmaq, əvvəldən proqnoz etmək məsələlərinə çoxları düzgün yanaşmayacaqlar, hamısı yavaş-yavaş həyata keçiriləcək və xərclər də artacaq. Yəni bunu mən bir az qapalı şəkildə dedim. Elmira Axundova.
E. Axundova. Çox sağ olun, hörmətli Sədr. Mən də fürsətdən istifadə edərək parlamentin rəhbərliyinə, bütün şöbələrin işçilərinə bu 5 ildə bizim işimizi səmərəli təşkil etdiklərinə, fəaliyyətimiz üçün şərait yaratdıqlarına görə təşəkkür etmək istərdim. Xüsusilə də mən İşlər İdarəsinə və onun rəhbəri Firudin müəllimə, Ümumi şöbənin işçilərinə, Təlatüm müəllimə, Şakirə minnətdaram. Onlar, həqiqətən də, saat kimi işləyirlər və bizim qulluğumuzda daim hazırdırlar, çox sağ olsunlar.
İkinci məsələ, mən Qüdrət Həsənquliyev və Siyavuş No-vruzov tərəfindən qaldırılan məsələni – nəqliyyat məsələsini gündəmə gətirmək istəyirdim. Daha onlar danışdılar, danış-maq istəmirəm. Ancaq bir məsələni qeyd etmək olar. Bəlkə indi Allah qoysa biz, ya kimsə seçilsə, gələn 5 ildə maşın da olmasa, Oqtay müəllim, bizə DYP tərəfindən xüsusi dövlət nömrələri verilsin. Biz elə dövlət adamıyıq da, qanun-vericilik sahəsində işləyirik. Nəyə görə deyirəm? Misal üçün, rayona gedərkən inandırım sizi, azı bir 5–10 dəfə bizi yolda saxlayırlar ki, kimsiniz? Şəxsi nömrə ilə gedirik də. Dövlət nömrəsi 5 illik verilsin. Məsələn, mən 75-ci dairədən seçilmişəm, mənim nömrəm 075 olsun. Hamı da bilsin ki, bu, deputat Axundovanın nömrəsidir. Mən demirəm, indi məni tanıyırlar. Misal üçün, təzə deputatlar olur, DYP işçiləri də hərdən çox kobud davranırlar. Biz sizi tanımırıq, kimsiniz. Bəzən biz də tələsirik, hara isə vacib bir tədbirə gedirik. Biz saatlarla ya tıxaclarda qalırıq, ya da DYP işçisi saxlayır. Dövlət nömrəsi deputatlıqdan gedəndə təhvil veriləcək. Bəlkə biz, heç olmasa, bu üsulla gələn 5 ildə bu məsələni həll edə bilərik.
Bir də fürsətdən istifadə edərək mən bir xahişlə, təkliflə çıxış etmək istərdim. İndi bilirsiniz ki, bizim iş kabinetimizdəki telefonumuzdan mobil telefonlarla 20 manat həcmində danışa bilərik. Soruşmaq istərdim ki, gələn il, Firudin müəllim, bu məbləğ artırılacaq, ya yox? Çünki 20 manat çox cüzi bir məbləğdir. Mən gündə bir 5–6 dəfə rayonla danışıram və bu məbləğ qurtarır. Yaxşı olardı ki, gələn il beynəlxalq telefon danışıqları üçün də müəyyən məbləğ ayrılsın. Çünki bizim deputatların əksəriyyəti bu və ya digər beynəlxalq qurumların üzvüdürlər, dostluq qruplarının rəhbəridirlər və başqa ölkələrlə danışmaq məcburiyyətində qalırlar. Lakin bizdə nəinki beynəlxalq danışıqlara məbləğ ayrılmır, hətta bizdə, ümumiyyətlə, beynəlxalq danışıqların kodu bağlıdır. Ona görə buna da müəyyən vəsait ayrılsa idi, pis olmazdı. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Elmira xanım, maşın barəsində söylədiniz. Mən hesab etmirəm ki, şəxsi maşınlara dövlət nömrəsi verilməsi düzgün məsələdir. İnşallah, nə vaxt dövlət maşınları olsa, nömrələr də olacaq. Yəni özümüz qanun qəbul edirik, qanunu da pozmayaq. Bu bir.
İkinci, beynəlxalq danışıqlardan söhbət gedirsə, Firudin müəllim öz çıxışında da söylədi ki, 41 min bir, 21 min də bir beynəlxalq danışıqlara pul xərclənib. Həmin pulu da sizlər, bizlər beynəlxalq təşkilatlarda olanda xərcləmişik. İndi Milli Məclisdəki hər bir otaqda beynəlxalq danışıq açılsa, mən tam səmimi deyirəm, biz heç bu xərcin altından çıxa bilməyəcəyik. Məbləğə limit qoyulub – 20 manat, indi im-kan olan limit budur. Məlahət İbrahimqızı.
M. İbrahimqızı. Çox sağ olun, Oqtay müəllim. Üçüncü çağırış parlamentin sonuncu iclası olduğu üçün mən də öz sözümü demək istərdim. Təbii ki, hörmətli Firudin müəllim 2011-ci il üçün Milli Məclisin xərclər smetası haqqında çox ətraflı məruzə etdi və buna səs verəcəyik. Mən, ümumiyyətlə, Oqtay müəllim, Siz başda olmaqla Milli Məclisin rəhbərliyinə, eləcə də Aparatın bütün işçilərinə minnətdarlığımı bildirirəm. Həqiqətən, bu 5 ildə parlamentimizdə görülən işləri sadalamaqla, Oqtay müəllim, bitməz. Elə təkcə bu qısa müddət ərzində Milli Məclis üçün belə möhtəşəm, ulu öndər Heydər Əliyevin istədiyi Azərbaycanın adına layiq və bu gün ölkəmizin ən ucqar bölgələrində möhtərəm Prezidentimizin açılışında iştirak etdiyi zövqlə tikilən gözəl binalara layiq, Prezidentimizin həyata keçirdiyi siyasətə layiq Siz yüksək səviyyədə Milli Məclis qurdunuz. Sizin bu işiniz, təbii ki, tarixə yazılacaq. Sizin bütün bu Aparatda, istər Səfa müəllim, istər Firudin müəllim, Siyavuş müəllim demiş, Təlatüm müəllim olsun, hər birinin bizim üzərimizdə böyük haqqı var, çünki bizi bir növ idarə ediblər. Mən bütün deyilənlərə, xüsusilə Siyavuş müəllimin dediyi məsələlərə qoşuluram.
Bir xahişim var. Sürücülərin maaşı çox aşağıdır, özü də deyilənə görə təxminən 100 nəfər civarında sürücü var və Nazirlər Kabinetində də, Prezident Administrasiyasında da çalışan sürücülərin əmək haqları, deyilənlərə görə, parla-mentin sürücülərindən çox yüksəkdir. Nəzərə alaq ki, sürücülərin hamısı kişidir, ailə başçısıdır, ona görə hesab edirəm, onların ehtiyacları var.
Siz üçüncü çağırışın ilk iclasında çox gözəl çıxış etdiniz. Bizə parlamentin nüfuzu, millət vəkilinin imici və ümumiyyətlə, parlamentin infrastrukturu ilə bağlı beş ildə gördüyünüz işlərlə bağlı müəyyən məlumatlar verdiniz. Hər kəs əmindir ki, deyilən arzular və xahişlər qarşıda gələn parlamentdə – dördüncü çağırışda seçiləcək parlamentarilərin həyatında, fəaliyyətində gerçəkləşəcəkdir. Çox sağ olun. Bir daha bütün Aparat işçilərinə uğurlar arzulayırıq. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Məlahət xanım, Milli Məclisin yeni binasının tikilməsi, yeni işlər, bunlar hamısı cənab Prezidentin apardığı siyasətin tərkib hissələrindən bi-ridir. Cənab Prezidentin tələbi nədir? Nə iş görülürsə, səviyyəli görülsün. Dəstək oldu, kömək oldu və Milli Məclis, eləcə də Firudin müəllim başda olmaqla Milli Məclisin İşlər idarəsi tərəfindən bu nailiyyətlər əldə edildi. Siz söyləyirsiniz ki, Nazirlər Kabinetində, Prezident Admin-istrasiyasında çalışan sürücülərin əmək haqları Milli Məclisdəkindən çoxdur. Bu düzgün yanaşma deyil. Bütün texniki işçilərin maaşları eynidir. Sizin yadınıza gəlirsə, keçən dəfə şöbə müdirlərinin və digər işçilərin əmək haqları qaldırılanda “Dövlət qulluğu haqqında” Qanunda öz yerini tapdı, ancaq orada texniki işçilər barədə məsələ buraxılıb. Mən Baş nazirə də demişəm, qanunda dəyişiklik olmalıdır. Yəqin həmin məsələ bu yaxınlarda həll olunacaq. Fəzail İbrahimli.
F. İbrahimli. Çox sağ olun, Oqtay müəllim. Mən Milli Məclis üzvlərini, günün axırıdır, yormadan, Milli Məclisin büdcəsi ilə bağlı bir neçə məqama diqqət çəkmək istərdim. Əvvəla, söhbət Milli Məclisin büdcəsindən gedir. Mən müqayisə aparmaq istərdim, Puşkin “Tunc atlı” adlı poe-masında I Pyotr haqqında yazır ki, Pyotr toza və çirkaba batmış Rusiyanı toz-torpağın içərisindən çıxarıb dünya dövlətinə çevirdi. Mən həmin fikri Milli Məclisə şamil edərdim. Dövlət büdcəsindən ayrılmış vəsait hesabına Azərbaycan Milli Məclisi toz-torpağın içərisindən çıxarılıb, dünyada beşliyə düşən bir parlamentə çevrilib. Büdcənin ən mühüm xarakterik xüsusiyyətlərindən biri budur.
Oqtay müəllim, biz Rumıniyaya səfər edərkən Çauşeskinin qəbul sarayında olduq. Orada bir şəkil də çəkdirdik. Bizim Milli Məclislə müqayisədə çox darıxdırıcı idi. Adam qürur duyur. Vaxtilə babalarımız haray vururdular ki, “yox millətimin imzası imzalar içində”. Bu gün var millətimin imzası imzalar içində. Onun ən böyük göstəricilərindən biri qanunvericilik orqanıdır.
İkinci, beynəlxalq müstəvidə məsələyə yanaşanda görürük ki, Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyi ilə bağlı həmin tribunadan Azərbaycanın problemləri, Qarabağ problemi dünyanın 80 ölkəsindəki məlumatsız insanlara çat-dırıldı. Bu, Milli Məclisin büdcəsi hesabına qəbul olunmuş qonaqlar, Azərbaycanın problemlərinin dünya müstəvisinə çıxarılması, Azərbaycan dövlətinin apardığı xarici siyasətdə Milli Məclisin rolu demək idi. Büdcə kifayət qədər şəffaf olub. Amma təbii ki, biz də hər kəs kimi istəyərik ki, Milli Məclisin büdcəsi bir az da çox olsun, deputatların əhval-ruhiyyəsi yüksək olsun. Siyavuş müəllimin dediyi kimi, öz maaşı ilə yaşayan deputatların pulları çox olsun. Amma bu da kifayətdir, hər şey gözəldir. Hər birinizə uğurlar arzu edərdim. Həmkarlarımın növbəti çağırışda bu tribunadan səsləri yenə gəlsin. Can sağlığı.
Sədrlik edən. Çox sağ olun. Mən belə qəbul edirəm ki, ayın 22-də keçiriləcək iclasda Milli Məclisin büdcəsinin təsdiqinə razılıq verdiniz. İndi 2011-ci il üçün xərclər smetası haqqında Hesablama Palatasının sədri Heydər Əsədova söz verilir.
H. Əsədov, Azərbaycan Respublikası Hesablama Palata-sının sədri.
Çox sağ olun, Oqtay müəllim. Bircə cümlə ilə deyəcəyəm. Hesablama Palatasına 3 milyon 720 min manat vəsait ayrılıb. Bu təxminən keçənilki səviyyədədir. Ayrılan vəsait həm təşkilati, həm funksional müstəqilliyimizi təmin etməyə, həm də yeni inzibati binamızda kommunikasiya xərclərini ödəməyə imkan verir, funksional fəaliyyətimizi tam müstəqil həyata keçirməyə şərait yaradır. Biz bu büdcə ilə razıyıq. Maliyyə Nazirliyi ilə razılaşma protokolu imzalamışıq. Ona görə də millət vəkillərindən xahiş edirəm, bizim büdcəmizi təsdiq etsinlər.
Sədrlik edən. Mən Heydər Əsədovun nə qədər xəsis olduğunu bilirəm. Baxmayaraq ki, hamının büdcəsini o yoxlayır, öz büdcəsini sıxıb-sıxıb, elə eləyib ki, orada nə artır-mağa, nə də çıxarmağa bir şey olsun. Mən hesab edirəm ki, onun bu çıxışına inanmaq lazımdır və büdcənin təsdiqinə biz də razıyıq.
Hörmətli millət vəkilləri, bayaq Məlahət xanım dedi ki, son iclasımızdır, amma son iclas deyil. Son iclasımız ayın 22-də olacaq, büdcəni təsdiq edəcəyik. Qarşıdakı parlament seçkilərində iştirak eləyənlərin, parlamentə yenidən üzv ol-maq istəyənlərin təbliğat dövrü gəlir. Mən namizədlərin hamısına uğurlar arzulayıram. Bir xahişim də budur ki, ayın 22-si iclas günü, büdcənin təsdiqində hamımız iştirak eləyək. Hamınıza uğurlar! Sağ olun.

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi