2010-ci il 25 may tarixli iclasın stenoqramı


MİLLİ  MƏCLİSİN  İCLASI

25 may 2010-cu  il. Saat 12.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.

Qeydiyyat    (saat 12.10 dəq.)
İştirak edir  105
Yetərsay  83

Yetərsay var, iclasımıza başlaya bilərik. Gündəlik sizə paylanıb. Xahiş edirəm, gündəliyə münasibətinizi bildirin.

Səsvermənin nəticələri   (saat 12.11 dəq.
Lehinə  96
Əleyhinə  2
Bitərəf  0
Səs vermədi  3
İştirak edir  101
Nəticə: qəbul edildi

Çox  sağ olun, gündəlik təsdiq olundu. Müzakirələrə ehtiyac var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda yazılın. Cəmil Həsənli.
C.Həsənli. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli millət vəkilləri, mətbuat nümayəndələri! İçərisində olduğumuz may ayı Azərbaycanın tarixinin və taleyinin önəmli aylarından biridir. May ayının 28-i Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal Bəyannaməsinin elan olunduğu gündür. Dövlətimizin və millətimizin həyatında bu gün müstəsna əhəmiyyətə malikdir.
Əlbəttə, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra tariximizin bu şərəfli dönəminin  layiqli qiymətinin verilməsi istiqamətində çox mühüm işlər görülüb, qərarlar qəbul edilib. Xüsusilə cümhuriyyətin 80 illiyi ilə bağlı cümhuriyyət sənədlərinin nəşr edilməsi, mən hesab edirəm ki, cümhuriyyət tarixinin kütləviləşdirilməsində, elmi əsaslarının yaradılmasında və cəmiyyətdə oturuşmasında çox mühüm rol oynayıb.
Hər kəsə bəllidir ki,  mərhum Prezident Heydər Əliyev 1998-ci ildə cümhuriyyətin 80 illiyi ilə bağlı çox yüksək səviyyəli bir qərar qəbul etmişdir və o qərarda çox əhəmiyyətli müddəalar vardır. Lakin bu müddəaların böyük bir hissəsi  yerinə yetirilməyib. Ona görə mən təklif edirəm, müvafiq idarələr, nazirliklər bir daha o qərarı götürüb baxsınlar və üstündən on ildən artıq vaxt keçməsinə baxmayaraq, kimin üzərinə hansı vəzifə qoyulubsa, o vəzifələr yerinə yetirilsin.
Həmin qərarda irəli sürülən məsələlərdən biri cümhuriyyət liderlərinə, Azərbaycan Xalq Cümhuriyyətini quran o böyük kişilərə Bakı şəhərində abidə qoyulması barədə idi. Bu yaxınlarda Bakı şəhərində Atatürkün abidəsinin qoyulması Azərbaycan–Türkiyə münasibətlərində, bütövlükdə millətimizin taleyində çox böyük hadisədir. Bu, xalqımız tərəfindən də, bütün millət vəkilləri tərəfindən də təqdir edilir. Amma bununla bərabər, bu dairəni genişləndirmək lazımdır. Xüsusilə Bakının azad olunmasında öz həyatlarını qoymuş və qazi səviyyəsinə yüksəlmiş insanlar vardır ki, onların da adlarının əbədiləşdirilməsi istiqamətində iş görülməlidir. Mən Nuru Paşanı nəzərdə tuturam. 
Eyni zamanda, təklif  edirəm, heç nədən dövlət yaratmış, cümhuriyyətimizin bünövrəsini qoymuş, Azərbaycanın imzasını imzalar içərisinə salmış cümhuriyyət liderlərinin – Məmməd Əmin Rəsulzadənin, Topçubaşovun, Fətəli xanın, Nəsib bəyin, Həsən bəy Ağayevin və digərlərinin xatirəsinin əbədiləşdirilməsi və abidələrinin ucaldılması istiqamətində işlər görülsün. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Məjlum Şükürov.
G.Əhmədov. Cənab Sədr, onun yerinə mən danışacağam.
Sədrlik edən. Gülhüseyn müəllim, siyahıda Sizin adınız altıncıdır. Növbənizin çatmasına az qalıb. Öz vaxtınızda danışmaq istəmirsiniz?
G.Əhmədov. Öz vaxtımda da danışacağam.
Sədrlik edən. Yox, elə bir dəfə danışın. Buyurun.
G.Əhmədov.  Təşəkkür edirəm, cənab Sədr. Mən, əlbəttə, istərdim ki, bizim  aran rayonlarında baş vermiş təbii fəlakətlə əlaqədar bir neçə kəlmə deyim. Orada vəziyyət çox çətindir, problemlər yaranıb. Bunu hamımız görürük. Bu gün təbii fəlakətlər dünyanı  bürüyüb və  Azərbaycandan da yan keçməyib. Bizdə Kür, Araz çaylarının daşması fəlakət törədib. Bilirsiniz, hər çay yatağı kimi bu çay yataqlarının da öz tutumu var. Məsələ burasındadır ki, indi bu tutumdan bir yarım, iki dəfə artıq su gəlir, o yataqlar bunu tutmur və bəzi kəndləri su basır.
Cənab Prezidentin tapşırığı ilə Fövqəladə hallar komissiyası yaradılıb. Bu komissiya çox fəal işləyir. Hökumət üzvləri fəlakət zonasındadırlar, yerlərdə vəziyyətlə bağlı görülən zəruri tədbirlərə rəhbərlik edirlər. Mən Müdafiə Nazirliyinin əsgərlərini xüsusilə qeyd eləmək istərdim. Biz fəxr edirik ki, belə bir ordumuz var və bu gün xalqımıza, camaatımıza kömək edir.
Ancaq təəssüf ki, vəziyyəti yaxşı bilməyən bəzi qəzetlər camaatı təlaş içərisində saxlamaq istəyirlər. Yazırlar ki, Araz çayı nəyə görə Mil-Muğan baş kollektoruna açılmadı. Mil-Muğan Baş kollektorunun həcmi cəmi 140-150 kubdur. Arazdan bu gün 1150 və Kürdən  2550 kub su keçir. Bəs bunu bilə-bilə biz Mil-Muğan baş kollektorunu necə açaq, dağıdaqmı bunların hamısını? İndi bu gün səy göstərilir ki, camaata az ziyan  dəysin, torpaqlarımızı, kəndlərimizi su az bassın.
Sarısu Azərbaycanda ən böyük göllərdən biridir. Dünən Sarısu gölündə bənd dağılıb və bu, həqiqətən, çox böyük çətinliklər yaradıb. Yaxşı, bu gün Arazın sağ tərəfi üstə bənd vurulur ki, Saatlının, Sabirabadın mərkəzini, kəndlərini su basmasın. Ancaq bu söz-söhbətləri, rəqəmləri şişirtməyə nə ehtiyac var? Camaat axı bunun içərisində çətinlik çəkir.  Allaha şükür ki, bizdə insan tələfatı yoxdur. Biz camaatın hamısını təhlükəsiz  yerlərə, məktəblərə, öz qohum-əqrəbalarının evlərinə köçürmüşük. Bunlar yazırlar ki, buranı dağıtmaq lazımdır. İstəyirlər ki, Azərbaycanda böyük təlaş olsun, iqtidarın əleyhinə təbliğat aparmaq üçün bunların əlinə bəhanə düşsün? Azərbaycanda belə təlaş, təşviş yaratmaq lazım deyil. Onsuz da  bu gün aran rayonlarında vəziyyət çətindir. Hökumət yaranmış vəziyyətdə mümkün olan hər bir işi görür. Bu gün cənab Prezidentin tapşırığı ilə bütün hökumət üzvləri oradadırlar.
Biz  Rövnəq müəllimlə də danışdıq. Araz çayını ayırmaq lazımdır ki…
Sədrlik edən. Sağ olun. İqbal Ağazadə.
İ.Ağazadə. Çox sağ olun, cənab Sədr. Hörmətli millət vəkilləri! Mən əvvəlcə istəyirəm, qısaca olaraq bir məsələ ilə bağlı fikrimi bildirim. Keçmiş daxili işlər naziri İsgəndər Həmidov mənə teleqramla müraciət eləyib. Onun yaşadığı binada təmir işləri gedir, amma çox qeyri-peşəkarcasına aparıldığını qeyd edir və deyir ki, həmin binada balkonlara çıxış və sair tamamilə fərqli istiqamətdə aparılır. Kömək istəyir ki, bu tikinti işlərində orada yaşayan sakinlərin hüquqları pozulmasın. Çox istərdim ki, bu sahədə Məclis rəhbərliyi yardım göstərsin.
İkinci məsələ. Mən bir il bundan qabaq baş vermiş terrorla bağlı Azərbaycan cəmiyyətini narahat edən və bu gün qəzet səhifələrində kifayət qədər geniş işıqlandırılan məsələyə Məclisin diqqətini cəlb etmək istərdim. Dövlət Neft Akademiyasında baş vermiş 30 aprel terroru ilə bağlı bu gün məhkəmə prosesi gedir. Amma məhkəmə prosesində çox qəribə nüanslar ortalığa çıxır. Əvvəla, onu qeyd edim ki, bu işlə bağlı həbs  olunanlar məhkəmə zamanı  bu məsələdə günahkar olmadıqlarını bəyan edirlər. Bu bizim başımıza gələn bir faciədir.  Mən  çox istərdim ki, bu cinayət işinə professional yanaşma olsun və həbs olunan insanların üzərinə nə isə qoyulmasın, əksinə, gerçək mənzərə açılsın. Amma gerçək mənzərənin açılması əvəzinə, tutaq ki, bir nəfəri günahlandırırlar.
Təbii ki, mən bunun erməni terroru olduğuna əminəm, bu işdə iştirakı olan erməninin də cinayət məsuliyyətinə cəlb olunmasının tərəfdarıyam və çox istərdim ki, hüquq mühafizə orqanları bununla məşğul olsunlar. Erməni haqqında cinayət işi var, erməninin adı sifarişçi kimi gedir. Amma erməni Gürcüstanın ərazisində sərbəst şəkildə gəzir, heç bir problemi yoxdur, hətta jurnalistlərə müsahibə verir. Nə bunun haqqında axtarış var, nə də bunun haqqında lazımi orqanlara interpol vasitəsilə məlumat verilib və sair. Həmin adam sakitcə öz kəndində, elində, obasında yaşayır. Əvəzində nə baş verir? Burada 6-7 azərbaycanlı, öz kəndlisi ilə bu və ya digər yolla əlaqə saxlamış adamların hamısı doldurulub içəri. Cinayəti törətmiş Fərda adlı şəxslə başqa heç bir münasibətləri olmayıb, günahkar olmayıblar, bu terrorda iştirak etməyiblər. Terrorun gerçək səbəbkarları əl-qollarını sallayıb yaşadıqları ərazidə gəzirlər. Bu adamları cinayət məsuliyyətinə cəlb eləmək lazımdır və dövlət bütün gücündən istifadə edərək onun ərazisində terror törətmiş bu adamların bura gətirilməsinə çalışmalıdır. Yoxsa əslən eyni yerdən, eyni kənddən olan   5-3 adamı, yetimi, yazığı döyüb, zorla üzərinə cinayət işi qoymaq və məhkəmədə də bunların…
Sədrlik edən. İqbal müəllim, xahiş edirəm, sözlərinizə diqqət edin. Sizə hörmətim var, amma  “yetim-yesir” cinayət işlətməzdi. İndi  məhkəmə gedir. Məhkəmə qurtarandan sonra nəticəsinə baxarsınız. Belə danışmaqdan xoşunuz gəlir. Əli Əhmədov.
Ə.Əhmədov. Təşəkkür edirəm, hörmətli Sədr. Mən bu gün Azərbaycan cəmiyyətini narahat eləyən digər məsələ ilə əlaqədar fikirlərimi səsləndirmək istəyirəm. Məlum olduğu kimi, dünyanın heç bir dövləti tərəfindən və heç bir beynəlxalq təşkilat tərəfindən tanınmayan qondarma Dağlıq Qarabağ Respublikasında bir neçə gün bundan əvvəl keçirilmiş dırnaqarası parlament seçkilərinə münasibət bildirmək istəyirəm.
Belə hesab edirəm ki, Dağlıq Qarabağ ermənilərinin tanınmamış rejimlərini dünyada bir daha tanıtmağa cəhd göstərmək məqsədi ilə keçirdikləri qondarma, uydurma seçki, əslində, onların yenidən iflasa uğramasına gətirib çıxardı. Çünki dünyanın aparıcı dövlətləri, beynəlxalq təşkilatlar, o cümlədən münaqişənin nizama salınması ilə əlaqədar olaraq yaradılmış Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ qondarma rejimini tanımadıqlarını bir daha bəyan etməklə yanaşı, burada keçirilən seçkilərin də heç bir hüquqi əsasının olmadığını növbəti dəfə etiraf etdilər. Hesab edirəm ki, bu seçkinin keçirilməsi  cəhdi ermənilərin qondarma rejiminin əleyhinə çevrilmiş oldu və onların dünyada heç kim tərəfindən tanınmadığını bir daha təsdiq etdi. Bu, əlbəttə, təqdirəlayiq bir haldır.
Amma münaqişənin bu günə qədər həll olunmaması, Azərbaycanın işğal altında olan torpaqlarının işğaldan azad edilməməsi bu cür qondarma seçkilərin keçirilməsinə imkan yaradır. Nə qədər ki münaqişə həll olunmayıb, Azərbaycanın torpaqları işğaldan azad edilməyib, qondarma rejim dünya tərəfindən tanınmasa da, fəaliyyətini davam etdirəcək və bu cür seçkilərin keçirilməsi faktları bundan sonra da olacaqdır.
Mən belə hesab edirəm ki, Azərbaycan ictimaiyyəti hörmətli Prezidentimizin rəhbərliyi altında bu istiqamətdə öz səylərini daha da artırmalıdır ki, münaqişənin nizama salınması üçün yaradılmış beynəlxalq qurumlar, nəhayət, daha səmərəli şəkildə fəaliyyət göstərsinlər. Görürsünüzmü, seçki ərəfəsində Azərbaycan ictimaiyyətinin və müvafiq qurumların beynəlxalq strukturlara müraciətləri  bu beynəlxalq strukturlar tərəfindən həm qondarma Dağlıq Qarabağ rejiminin, həm də onun keçirdiyi seçkilərin tanınmaması haqqında bir daha bəyanatların verilməsi üçün əsas yaratdı.
Digər tərəfdən, mən hesab edirəm ki, beynəlxalq hüquq beynəlxalq hüquq kimi qəbul olunmalı və fəaliyyət göstərməlidir. Əgər beynəlxalq hüquq və onun müəyyənləşdirdiyi normalar həyata keçirilməyəcəksə, erməni separatçıları və onların havadarları beynəlxalq hüququn normalarına məhəl qoymayacaqlarsa, onda təəssüf hissi ilə qeyd eləmək lazımdır ki, beynəlxalq hüquq hüquq normasından əxlaq normasına çevrilir, bəlkə də tövsiyələr kodeksi şəklini alır. Ona görə də Azərbaycan parlamenti də, Azərbaycanın deputatları da bu istiqamətdə səylərini artıraraq, beynəlxalq qurumları Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə əlaqədar beynəlxalq hüququn müəyyənləşdirdiyi normaların yerinə yetirilməsinə dəvət etməlidirlər. Sağ olun.
Sədrlik edən. Sağ olun. Nəsib Nəsibli.
N.Nəsibli. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən bu gündəliyin əleyhinə səs verənlərdənəm. Çünki hər gün bir bəndin dağıldığı, hər gün bir neçə yeni kəndin su altında qaldığı zaman müzakirəyə sıradan bir gündəlik təklif edilir. Məncə, bu, hakimiyyətin insanların vəziyyətindən nə qədər uzaq olduğunun göstəricisidir. Bir dəfə yüksək rütbəli bir məmurun xaricilərə “nə edək, bizim millət bu səviyyədədir, materialımız budur”  deyib, öz millətinə şər atdığının şahidi olmuşam. İndi də məmurun Azərbaycan təbiətinə iftira atdığının şahidiyik.  Bütün günahları təbiətin boynuna yıxmaq istəyirlər.
Mən hörmətli Gülhüseyn müəllimin dedikləri ilə razı olmadığımı bildirirəm. Seli təbiətin şıltaqlığı hesab etmək, onun ayağına yazmaq ən azından insafsızlıqdır. Hamı bilir ki,  son 8-9 ildə Kürətrafı bölgələrdə qrunt suları qalxırdı. İnsanlar hər il bundan əziyyət çəkir, şikayət edirdilər.  Amma bu istiqamətdə köklü tədbir görülmürdü. Kürün mənsəbinin dərinləşdirilməsi problemi çoxdandır gündəmdədir. Amma bu sahədə əsaslı heç bir iş görülməyib. Niyə? Hökumət 2009-cu hesabat ilində də bu sahədə tutarlı bir iş görməyib. Bu səhlənkarlığın, məsuliyyətsizliyin nəticəsində fəlakət davam edir. Minlərlə ailə hər şeyini itirib. Ölkəyə milyardlarla manat həcmində ziyan dəyib. Niyə bu boyda hökumət ölkəni və milləti təhdid edən bu təhlükəni görə bilməyib, bu təhlükənin  önlənməsi ilə məşğul olmayıb?
Bu hökumətin 2009-cu ildəki fəaliyyətini indi biz necə qənaətbəxş hesab edə bilərik? İnsanlar arasında söhbət gəzir ki, çayın deltasında işləyən iki maşın bu hadisələrdən əvvəl İrana satılıb. Niyə və kim satıb? Bir neçə kəndin su altında qaldığı mayın 10-da paytaxtda qondarma gül bayramı keçirmək, atəşfəşanlıq etmək nə deməkdir? Minlərlə vətəndaşın dəhşətli günlər və həftələr yaşadığı bir vaxtda televiziya kanallarında çal-çağırın davam etməsi hansı əxlaqa uyğun gəlir? Niyə hökumət komissiyası selin tüğyan etməsindən yalnız iki-üç həftə sonra yarandı? Bu gecikmənin səbəbi nə idi? Əslində, Milli Məclis, nəhayət, müstəqil hakimiyyət qolunu təmsil etməli, fəlakəti tədqiq edən xüsusi komissiyasını yaratmalıdır. Yekun olaraq, bu hökumətin burada istefasını tələb etməyin faydasız olduğunu dərk edirəm.
Başqa bir məsələyə diqqəti cəlb etmək istərdim. Neft ixrac edən avtoritar rejimlərdə neft gəlirlərinin hakimiyyətdə təkəbbür, məsuliyyətsizlik, arxayınçılıq yaratması məlum nəzəri və praktik məsələdir. Su selinin olacağını qabaqcadan görə bilməyən, uyğun olaraq qabaqlayıcı tədbirlər ala bilməyən hökumətin sosial seli proqnozlaşdırması və tədbirlər görməsi mümkün…
Sədrlik edən. Sağ olun. Hörmətli Nəsib müəllim, bizim müxalifət hərdən elə hərəkət edir ki, təəccüblənməmək olmur. Bu yaxınlarda 24 aprel qondarma erməni soyqırımı barədə Türkiyədə gedən müzakirələrdə Siz sanki birdən-birə müzakirə mövzusunu yaddan çıxarıb, Azərbaycan hökumətini tənqid eləməyə başladınız. Elə bil bu uydurma erməni soyqırımını Azərbaycan həyata keçirib. İndi də bu təbii fəlakəti əlinizdə bayraq tutmusunuz, hamınız ondan danışırsınız. Gülhüseyn müəllim bəlkə bir az konkret demədi. Kür çayında  saniyədə ən çox 1500 kubmetr, Araz çayında 500–600 kubmetr su olurdu. Bunların cəmisi heç vaxt 2100–2200-dən artıq  olmayıb. İndi yalnız Kürdən 2500 kubmetr, Arazdan 1200 kubmetr su keçir. Əgər hesabdan başınız çıxırsa, hesablayın, görün 2100 kubmetr hara, 3700 kubmetr hara.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Qulaq as. Növbən çatar, danışarsan. 
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Elə hamı yalan danışır, sən düz danışırsan?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Mən danışıram, sözümü kəsirsən, sən danışanda mən  də sənin sözünü kəsəcəyəm. Elementar hesablamalar var, Kürdən neçə və Arazdan neçə kubmetr su keçir, bilinir. 1903-cü ilin xəritələri tapılıb. Arazın axarını dəyişmək istəyirlər. Təbii fəlakəti heç vaxt əvvəlcədən  hesablamaq, çayda suyun neçə dəfə artacağını proqnozlaşdırmaq olmaz. Bütün Avropa suyun altındadır. Polşa kimi ölkə suyun altındadır,  Çexiya və Slovakiya da həmçinin. Təbii fəlakəti, onun fəsadlarını əldə bayraq eləmək lazım deyil, əksinə, bir dəfə də siz ümumi işimizə kömək edin, bir səmərəli təklif verin. Yoxsa bu söhbətlərdən biz də yorulmuşuq, camaat da yorulub. Dövlət əlindən gələni edir, Fövqəladə Hallar Nazirliyi, aidiyyəti bütün təşkilatlar orada gecə-gündüz işləyirlər. Siz isə özünüzü elə aparırsınız ki, elə bil bu fəlakətə sevinirsiniz. Rüstəm Xəlilov.
R.Xəlilov. Təşəkkür edirəm, Oqtay müəllim. Mən də  məsələ ilə əlaqədar öz fikrimi bildirmək istəyirəm. Mən fəlakət olan gündən həmin zonadayam. İndi Nəsib müəllim fikrini dedi. Ola bilsin, Nəsib müəllimin o zonadan məlumatı yoxdur.
Hamı bilir ki, Araz Kürə Sabirabadda qovuşur və bu gün Kürün səviyyəsinin qalxmasının əsas səbəblərindən biri də Araz çayının Kürə həmişəkindən dəfələrlə artıq su gətirməsidir. Amma əhali bilir ki, bu fəlakət zonası ölkə başçısının diqqət mərkəzindədir. Fövqəladə Hallar Nazirliyinin, Daxili İşlər Nazirliyinin,  Müdafiə Nazirliyinin, bütün aidiyyəti qurumların işçiləri oradadırlar. Kürətrafı kəndlərdə yeni bəndlər qurulur, mövcud bəndlər möhkəmləndirilir.
Amma buna baxmayaraq, bizim müəyyən qüvvələrimiz buna siyasi don geyindirmək, bunu siyasiləşdirmək istəyirlər. Bu gün Rusiyada Yakutiya Respublikası, demək olar ki, bütünlükdə suyun altındadır.  Yakutiyanın ərazisi Azərbaycanınkından 2,5 dəfə artıq olmasına baxmayaraq, yenə də suyun altındadır. Bu, təbii fəlakətdir. Müəyyən qüvvələrin bu təbii fəlakətdən divident qazanmaq istəyi heç kim və xüsusilə də Kür ətrafında bu fəlakətdən əziyyət çəkən insanlar tərəfindən müsbət qarşılanmır.
Bu gün Kürün təhlükə törətdiyi kəndlərdə insanlar evakuasiya olunur və onlar üçün ayrılmış xüsusi yerlərdə yerləşdirilirlər. Onlar yaşayış üçün lazım olan hər bir şeylə təmin olunurlar. Bu müvəqqəti yaşayış yerlərində Səhiyyə Nazirliyinin briqadaları işləyir. Orada əhali arasında müəyyən xəstəliklərin qarşısını almaq üçün işlər görülür.
Onu da qeyd edim ki, rayonumuzun ərazisində  fəlakət baş versə də, bu günə qədər bir nəfəri çıxmaq şərti ilə başqa bir ölüm hadisəsi olmayıb. Ona görə mən istərdim, müəyyən qüvvələr bilsin ki, dövlətin nəzarətində olan işlərə heç bir müdaxiləyə ehtiyac yoxdur. Təşəkkür edirəm.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Gülhüseyn müəllim, Siz danışmısınız.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Bir də danışmaq istəyirsən,  ürəyin soyumayıb? Danış onda. Buyur.
G.Əhmədov.  Mən istəyərdim, bizim həmkarlarımıza deyim ki, kim o zonada olmayıbsa, bu məsələlərə toxunmasın. Sarısu gölündən, Arazdan, Kürdən xəbəriniz yoxdursa, bu şeylərdən danışmayın. Başlayırsınız, dövlət belə gəldi, hökumət belə getdi. Qəzet yazır ki, Kürə suyu  hökumət buraxıb. Ayıbdır axı, belə şeyləri yazmaq. Hökumət Allahdır, gedib göydən suyu buraxsın aşağı? Dövlət nə etsin? Abid Şərifov, Əhməd Əhmədzadə, Kəmaləddin Heydərov, daxili işlər naziri, Müdafiə Nazirliyinin bütün generalları gecə-gündüz oradadırlar.
Mən xahiş edirəm, kim istəyirsə, sabah gedək, baxaq oralara. Mən 22 gündür o zonadayam. Gəlin gedək, baxaq görək, harada, necə işlər gedir. Bizim bəzi yoldaşlar orada olublar. Pənah Hüseyn də olub, indi məndən sonra danışacaq. Bizim Mustafabəyli kəndində olmusunuz və görmüsünüz ki, xalq orada necə işləyir. Bəs bunları görə-görə bu gün hökumətə, camaatımıza necə qara yaxmaq olar? Allahın işidir, təbii fəlakətdir, necə dünyada baş verib, bizdə də baş verir. Gəlin, biz də gedib fəlakət zonasındakı camaata kömək əlimizi uzadaq, mənəvi dayaq duraq.
Bizim əlimizdə ekskavatorumuz yox, texnikamız yox. Bütün texnika dövlətin texnikasıdır orada. Deyirlər, İrana texnika satılıb. Hansı texnika? Bu gün Xəzər Dəniz Gəmiçiliyinin və Neft Şirkətinin 7-8 texnikası Salyan və Neftçala ərazisində işləyir. Gedin, baxın, Azərbaycanın bütün texnikası Sabirabad, Saatlı, İmişli ərazisindədir. Orada azı 5 min texnika var.  Azərbaycanda beton qalmayıb, hamısı daşınıb ora. Daşqının qarşısını almaq mümkün deyil.
Yaxşı, bunu nəyə görə biz şişirdək, qəzetlərdə günbəgün ağzımıza gələni yazaq, orada camaatı qıcıqlandıraq? Xəbəriniz yoxdur, getmirsinizsə, oturun yerinizdə, qoyun orada işimizi görək, camaatı çətin vəziyyətdən çıxaraq, evakuasiya  edək, müvəqqəti yaşayış yerlərinə köçürək. Mən xahiş edirəm,  bu məsələlərdə diqqətli olun, camaatın heysiyyəti ilə oynamayın. Sağ olun.
Sədrlik edən. Sağ olun. Pənah Hüseyn.
P.Hüseyn. Çox təşəkkür edirəm, möhtərəm Sədr. Hörmətli Gülhüseyn müəllim indi danışan məqamda Sabirabad rayonunda Kürlə Arazın arasında yerləşən 8 kənd su ilə doludur. Mən bura gəlməmişdən yarım saat əvvəl  8 kəndin axırıncısı Qasımbəyliyə zəng vurdum. Dedilər, Qasımbəyli də su ilə doldu və axırıncı adamlar oradan qayıqla çıxdılar.  Dünən mən bütün gecəni orada olmuşam. Bir görəydiniz, Saatlının, Sabirabadın su altında qalmış kəndləri, 20 minə yaxın adam hansı vəziyyətdədir. O vaxt, erməni işğalı olanda Bakı nə vəziyyətdə idisə, – qaçqınla dolu, mal-qara ilə, qoyunla dolu, – Sabirabadın mərkəzi indi o haldadır. Sizi inandırıram ki, çox dəhşətli bir vəziyyət yaranıb. Mən bunu siyasiləşdirmək məqsədi ilə demirəm.
Ona görə də təklifimiz ondan ibarətdir ki, bu məsələ gündəliyə salınsın, xüsusi olaraq, müzakirə olunsun, dövlət büdcəsi və başqa ehtiyat fondlardan çox təcili şəkildə əlavə maliyyə ehtiyatları buna səfərbər olunsun. Nəsib bəyin dediyi  kimi xüsusi tədqiqat komissiyası yaradılsın.
Hörmətli deputatlar, necə olur ki, su 80 santimetr aşağı düşəndən sonra bənd yarılır, Talış su kəməri də, İpək Yolu da təhlükə altına düşür?  Bir aydır, Fövqəladə Hallar Nazirliyinin işçiləri, minlərlə texnika işləyir, Sarısuya on milyonlarla manatlıq beton və torpaq tökülüb. Bəndin hündürlüyü 6-7 metrə çatdırılıb və dünən bənd yarılıb. Bunun cavabdehi kimdir? On milyonlarla dövlət vəsaiti, minlərlə işçi qüvvəsinin, minlərlə əsgərin bir aylıq gərgin zəhməti batdı-getdi. Dünən camaat da o ərazidən çıxdı. Bayramlı qəsəbəsində 15 min kubmetr beton işləndi. Prezident hətta dedi ki, fəxr edirəm, mənim nazirliklərim və əhali suyun qabağını bağladı. Ondan az sonra bənd yarıldı və su bu gün də axır. Bu  nə  məsələdir,  biz bunu başa düşmək istəyirik. Əhali də bunu bilmək istəyir. Nə baş verir axı? Bənd su qalxanda dağılsa idi, bilərdik ki, bəndin  altı yeyilib, nə bilim, islanıb və sair. Nədir bu, bunun bir cavabdehi, filanı olmalı deyil?
Hazırda bütün Sabirabad təbii fəlakət zonasıdır. Qanuna müvafiq olaraq  oranı təbii fəlakət zonası elan etmək lazımdır. Prezident oraya  öz nümayəndəsini təyin eləsin. Gördünüz, Əliağa Hüseynov Salyanda  necə normal intizam yaratdı? İntizam faktoru, bax, burada göründü. Qardaş, bizim icra başçısı, ola bilsin, fərli adamdır, amma təsadüfi adamdır, bu gün bu məsələnin öhdəsindən gələ bilmir. Yəni məsələyə bu şəkildə yanaşma davam eləsə, vəziyyət daha da ağırlaşacaq. Allah göstərməsin, Arazın, Kürün suyu bir qədər də qalxsa, Sabirabad şəhəri əldən gedəsidir. O baxımdan,  xahiş edirəm, bizim dediklərimizi, həyəcanımızı başqa yerə yozmayın, Sabirabada  ciddi şəkildə kömək lazımdır.
Sədrlik edən. Sabirabada ciddi şəkildə kömək olunur, həm də yalnız Sabirabada yox, təbii fəlakət zonasındakı bütün rayonlara kömək olunur. Özün getmisən, gözünlə görmüsən. Gülhüseyn müəllim dedi,  Azərbaycanın bütün maşın-mexanizmi oradadır. Bilirsən ki, dediyin göldə su təhlükəli həddə qalxmışdı, bunun qarşısı vaxtında alınmasa idi, insan tələfatı da olardı. Bu əziyyət də ona görə çəkilib ki, insan tələfatı olmasın. Su, sel axanda bir yerdən çıxmalıdır. Bunun başqa yolu yoxdur.
Mən burada coğrafiya açmaq istəmirəm. Kür çayı ilə Xəzər dənizi arasında ovalıqlar var. Bütün məsafə boyu hündürlük 1 metrlə 3 metr arasında dəyişir. Bunların hamısı nəzərə alınmalıdır. Alimlər orada oturub bunların üstündə işləyirlər. Yəni bu su haradansa keçməli, haradansa  çıxmalıdır. Onun üzərində bu saat çalışırlar. İstənilmir ki, hər hansı bir rayon suyun altında qalsın. Bunun yolları axtarılır. Hazırda Kür çayına iki dəfə artıq su gəlir. Bu suyu Xəzər dənizinə necə yönəltmək? Onun üstündə iş gedir. Ağına-bozuna baxmadan danışmaqla deyil ki, bu işlərin elmi əsası olmalıdır.
Artıq vaxtdır, keçirik gündəliyə.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. İndi mən də xahiş edirəm, təkid etməyəsiniz. Keçirik gündəliyə.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Zahid Oruc, o, iki dəfə danışdı, çünki həmkarı  öz növbəsini ona vermişdi. İndi mən sənə söz versəm, sonra gərək Siyavuşa söz verim, ardınca Aydın Quliyevə söz verim. Olmaz belə.
Keçirik gündəliyə. Məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə. Bu qanun layihəsinə iki komitədə – İnsan hüquqları komitəsində və Hüquq siyasəti və dövlət quruculuğu komitəsində baxılıb. Buyursun Rəbiyyət Aslanova. Əli müəllim, Siz də, yəqin, çıxış edəcəksiniz, elədirmi?
R.Aslanova, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri.
Çox sağ olun, Oqtay müəllim. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Bu gün sizin müzakirənizə Məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikası qanununun layihəsi təqdim olunub. Müasir dövrdə iqtisadi, social, mədəni durumundan asılı olmayaraq, bütün ölkələrdə məişət zorakılığı problemi aktual olaraq qalır.
Dünyanın 60 ölkəsində məişət zorakılığının qarşısının alınmasına xidmət edən qanunlar qəbul edilib. Əksər ölkələrdə zorakılıq hallarına şərait yaradan anaxranizm xarakterli ənənəvi münasibətlərə hüquqda məhdudiyyətlər qoyulsa da, digər ölkələrdə bu qəbildən olan münasibətlər gizli saxlanılır və ənənə normaları kimi qəbul edilir. Məişət zorakılığı əksər hallarda latent hüquq pozuntusu olduğundan və gizli törədildiyindən bu pozuntunu törədən şəxslərin məsuliyyətə cəlb olunması çətin olur. Lakin bu proses insanların, cəmiyyətin  gözü qarşısında baş verdiyindən laqeydlik, biganəlik zəminində bir də təkrarlanır. Məişət zorakılığı ilə mübarizənin effektivliyi ilk növbədə bu cinayəti törədən şəxsin əməllərinə cəmiyyətin adekvat qiymət verməsindən asılıdır.
Məişət zorakılığının daha çox baş verdiyi mühit çox həssaslıqla yanaşılan, doğmaların və yaxınların əhatəsi sayılan  ailə mühitidir. Ailə sosial birliyin ən qədim forması olub, dövlətdən də, millətdən də daha qədim tarixə malikdir. Ailənin keçdiyi tarixi inkişaf yolu bəşəriyyətin inkişaf dinamikasının güzgüsüdür. Patriarxal ailə qanunlarından bugünkü eqalitar ailə prinsiplərinə qədər uzun tarixi yol gəlmiş ailə münasibətləri zaman-zaman sınaqlara məruz qalır. Bu gün də biz münasibətlərin hansısa  təhlükələrlə qarşılaşacağı qorxusundan azad deyilik. Tarixi inkişaf prosesi ərzində ailə və cəmiyyət, ailə və dövlət münasibətləri konkret cəmiyyətin istehsal üsulu və sosial-mədəni ənənələrindən asılı olub. Bunu Şərq və Qərb dünyagörüşü kontekstində də, müasir dövrün qlobal prinsipləri müstəvisində də qiymətləndirmək olar. Ancaq bir şey təkzibolunmazdır ki, cəmiyyətin ilk sosial qurumu olan ailə konservativ, mürəkkəb münasibətlər sisteminin yaranmasının əsası olub və qalmaqdadır.
Qanunun əhatə dairəsinin hüdudları haqqında düşünərkən belə bir sual yaranır: “Əgər ailə dövlətin əsası və münasibətlərin obyekti olmaqla yanaşı, həm də nisbi dərəcədə qapalı, social-mədəni qrupudursa, o zaman dövlətin sosial-mədəni siyasətinin ictimai təsir subyektinə  nə zaman çevrilir?” Ailə o zaman şəxsi hadisədir ki, nikah və qohumluq münasibətləri ümumi maraqlar, adət və ənənə yolu ilə nizamlanır. Liberal dövlətin nöqteyi-nəzərindən əgər nikah və boşanma siyasi və hüquqi normalarla tənzimlənirsə, ailənin iqtisadi statusu dövlət tərəfindən müəyyənləşdirilirsə, sosial  dövlətin siyasəti  nəticəsində  ailə dövlətin vacib institutuna çevrilir və deməli, ailə və nikah dövlətin himayəsi altına keçir.
Azərbaycanda ənənəvi olaraq ailə münasibətləri xüsusi dəyərləndirilir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsi könüllülük prinsipini nəzərə alaraq, nikaha daxil olmaq hüququnu təmin edir. Həmin maddənin III hissəsi bəyan edir ki, nikah və ailə dövlətin himayəsindədir. 2000-ci il iyulun 1-də qüvvəyə minmiş  Ailə Məcəlləsinin birinci bölməsi də nikah münasibətlərinin əsaslarını təyin edir.  Lakin bütün bunlara baxmayaraq, bu gün cəmiyyətdə məişət zorakılığı var  və sözsüz ki, bugünkü qanun layihəsinin əsas mahiyyəti, məğzi də məhz o məişət zorakılığının qarşısının alınmasına yönəlmişdir.
Zənnimcə, belə bir tələbatdan,  belə bir zərurətdən irəli gələn  qanun layihəsinin müddəalarına ayrı-ayrılıqda baxmaq, onları ayrı-ayrılıqda izah etmək daha yaxşı olardı. Amma bu qanun layihəsinə birbaşa keçməmişdən öncə Şərq filosoflarının gözəl bir fikrini diqqətinizə çatdırmaq istərdim. Onlar söyləyirdilər ki, başqasının taleyinin ondan asılı olduğunu dərk etdiyi andan insan şüurunda dəyişikliklər baş verir. Yüksək mənəviyyat sahibi olanlar fəaliyyətini mərhəmətin, şəfqətin, yardımın gerçəklənməsinə yönəldirsə, cahil adamlar özünütəsdiq formasını tərəf-müqabilini əzməkdə, kiçiltməkdə görür. Məhz bu olmasın, bu əzilmək, bu kiçilmək olmasın deyə, cəmiyyətdə bir dialoqun bərqərar olması üçün Məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikası qanununun layihəsini bu gün sizin müzakirənizə təqdim edirik.
Qanun layihəsi müzakirəyə gəlməzdən əvvəl böyük bir yol keçib. Yadınızdadırsa, 2007–2008-ci illərdə bununla əlaqədar olaraq, Milli Məclisdə müzakirələr keçirildi və 2006-cı il 21 dekabr tarixində Azərbaycan Respublikasının Milli Məclisi “Qadına qarşı zorakılıq, o cümlədən məişət zorakılığı ilə mübarizə haqqında” xüsusi bəyanat qəbul etdi. 2007-ci il yanvarın 10-da isə Nazirlər Kabinetinin qərarı ilə demokratik cəmiyyətdə məişət zorakılığına qarşı mübarizə ilə əlaqədar respublikanın kompleks proqramı qəbul edilmişdir. Bir sözlə, bu qanun layihəsinin hazırlanması üçün keçilmiş yol bizə imkan verir ki, kifayət qədər mükəmməl bir sənədi, obyektiv bir hesabatı ortaya qoyaq və bu qanun layihəsinin qəbulu üçün öz cəhdlərimizi əsirgəməyək.
Qanun layihəsi o qədər də böyük sənəd deyil. 20 maddədən ibarət olan bu qanun layihəsinin preambulasında, əsasən, məişət zorakılığı zəminində baş verən zorakılığın qarşısının alınması mexanizmlərinin yaradılması və tənzimlənməsi məqsəd kimi qoyulur, yəni bu normativ aktın əsas vəzifəsi öz əksini tapır. Layihənin əsas yükünü ailə münasibətlərinin qorunmasından daha çox zorakılıqdan zərər çəkən insanların sosial müdafiəsi təşkil edir.
Geniş mənada ailə münasibətlərinin qorunması digər qanunçuluq aktlarının vəzifəsidir. Məsələn, Ailə Məcəlləsinin preambulasında göstərilir ki, məcəllə Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulan əsas insan və vətəndaş hüquqlarına və azadlıqlarına uyğun olaraq, ailə münasibətlərinin yaranmasının və möhkəmlənməsinin, onlara xitam verilməsinin prinsiplərini, ailə münasibətləri iştirakçılarının hüquq və vəzifələrini, dövlət orqanlarının bu sahədə vəzifələrini, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması qaydalarını tənzimləyən normaları müəyyən edir.
Ancaq mövcud qanunvericiliyə baxmayaraq, belə bir qanuna da ehtiyac var. Çünki hər bir şey yalnız hüquqi normalarla, qaydalarla tənzimlənəndə cəmiyyətdaxili münasibətlərdə bir əminlik hasil olur.
Maddə 1. Əsas anlayışlar. Bu sənəddə istifadə olunan anlayışlar Azərbaycan qanunvericiliyində yeni olan anlayışlardır. Bu maddənin bütün bəndləri  mahiyyət etibarilə yenidir və bunların olduqca vacib praktiki əhəmiyyəti vardır. 1.1.1-ci maddədə məişət zorakılığı anlayışının vacib elementləri göstərilir. Burada məişət zorakılığı anlayışı bir qədər dar çərçivədə göstərilsə də, normativ cəhətdən çox effektlidir.
Maddə 2 Azərbaycan Respublikasının qanunvericiliyidir. Bu qanun layihəsinin 2-ci maddəsi hüquq və vəzifə yaratmasa da, məişət zorakılığının qarşısının alınmasını təmin edən qanunvericilik dairəsini göstərir.
Maddə 3-də məişət zorakılığının qarşısının alınması sahəsindəki əsas prinsiplər müəyyən edilir. Məişət zorakılığı ilə mübarizə sahəsinin bütövlükdə hər bir mərhələsinə aid edilə bilən bu prinsiplər inzibati-normativ hüquqi aktların yaranmasına öz müsbət təsirini göstərəcəkdir. 
Qanun layihəsinin 4-cü maddəsi qanunun şamil edildiyi subyektlərin dairəsini müəyyən edir. Bunlar kimlərdir? Bunlar yaxın qohum olan ailə üzvləri, nikah pozulduqdan sonra birgə yaşayan keçmiş ər-arvad, qəyyum və himayəçi təyin olunmuş fiziki şəxslər, qeyri-rəsmi nikahda birgə yaşayan kişi və qadın, habelə qeyri-rəsmi nikahda yaşayan şəxslərlə birgə yaşayan qohumlardır.
Bəzi millət vəkilləri 4.1-ci maddənin, yəni həmin maddədəki müddəanın burada olmasına öz münasibətlərini bildirdilər. Amma söhbət ondan gedir ki, əgər cəmiyyətdə bu münasibətlər varsa, deməli, onları tənzimləməyə də böyük ehtiyac var. Sağlam cəmiyyət o cəmiyyətdir ki, öz içərisində olan hər hansı bir qüsuru, çatışmazlığı görür və onu aradan qaldırmaq üçün öz iradəsini ortaya qoyur. Ona görə də qanunun şamil edildiyi subyektlərin arasında olan münasibətlərin düzgün tənzimlənməsi üçün onların adlarının buraya salınması vacibdir.
II fəsil məişət zorakılığı barədə müraciətlərə baxılması qaydasıdır. Maddə 5 məişət zorakılığı ilə bağlı müraciətlərə baxan dövlət orqanları haqqındadır. 5-ci maddə qanun layihəsinin prosessual-prosedur normalar sisteminə daxildir və bu normalar sistemi məişət zorakılığı barədə müraciətlərə baxılması qaydalarını müəyyən edir. Ona görə də 5-ci maddədə məişət zorakılığı ilə bağlı müraciətlərə baxan dövlət orqanlarının dairəsinin göstərilməsi xüsusilə vacibdir. Sözsüz ki, müraciətlərə baxan dövlət orqanları sırasında ilk növbədə ixtisaslaşdırılmış müvafiq icra hakimiyyəti orqanı nəzərdə tutulur. Ola bilər ki, bu orqan Ailə, uşaq, qadın problemləri üzrə komitə olsun, ola bilər, bu məqsədlə hər hansı bir digər icra hakimiyyəti orqanı yaradılsın. 5.1-ci maddədə məişət zorakılığı ilə mübarizədə səlahiyyətli olan polis orqanları göstərilib. Ona görə ki, bu qanun layihəsinə görə xəbərdaredici və profilaktik funksiyalar polis orqanlarının üzərinə qoyulur.
Maddə 6. Məişət zorakılığı barədə müraciətlərin araşdırılması. Məişət zorakılığı üzrə araşdırmanın aparılması üçün zərərçəkmiş şəxsin özünün və ya onun ailə üzvünün müraciəti, fiziki və ya hüquqi şəxslərdən daxil olmuş müraciətlər əsas  hesab edilir. Doğrudan da, bu, kifayət qədər mürəkkəb bir məqamdır. Əgər insan öz hüquqlarının müdafiəsi üçün müraciət etmirsə və yaxud onun ətrafında olan insanların laqeydliyinə, biganəliyinə tuş gəlirsə, əlbəttə, məişət zorakılığının aradan qaldırılmasında kifayət qədər çətinliklər yaranacaqdır.
7-ci maddə məişət zorakılığı ilə bağlı törədilmiş cinayətlər üzrə cinayət təqibini həyata keçirən və 8-ci maddə cinayət təqibi ilə bağlı olmayan məişət zorakılığı barədə şikayətlər üzrə araşdırmanı aparan müvafiq icra hakimiyyəti orqanının vəzifələri barədədir. Sözsüz ki, məişət zorakılığı ilə bağlı törədilən cinayətlər üzrə müvafiq dövlət orqanlarının vəzifələri var. Onların qarşısında duran bu vəzifələrin icrası məişət zorakılığından zərər çəkmiş şəxslərin qorunmasına xidmət edir. Məişət zorakılığı ilə bağlı hüquq pozuntuları öz xüsusiyyətinə görə təkrarlı xarakter daşıdığına görə onlarla mübarizə də kompleks aparılmalıdır.
Maddə 9. Məişət zorakılığı üzrə araşdırmanın nəticələrinə dair qərar. 9-cu maddə hər birimizi maraqlandıran məsələdir. Çünki burada zərərçəkmiş şəxsin taleyi ilə əlaqədar verilən qərarlardan söhbət gedir. 9-cu maddə müvafiq icra hakimiyyətinə məişət zorakılığı ilə bağlı araşdırma nəticəsində xüsusi qərar qəbul etmək səlahiyyəti verir. Bu qərarlar zərərçəkmiş şəxsin mühafizəsinə zəmanət verir və hüquq pozuntusunun təkrarlanmasına qarşı xəbərdaredici xarakter daşıyır.
Qanun layihəsinin 10-cu maddəsi məişət zorakılığı ilə bağlı ənənəvi inzibati tənbeh növündən bir qədər fərqli olan xəbərdarlıq sanksiyasının xüsusiyyətini açıqlayır. 
Maddə 11. Mühafizə orderi. Bu maddə mühafizə orderinin mahiyyətini və məzmununu açıqlayır. Layihənin ilk maddəsində “mühafizə orderi” anlayışı verilsə də, onun  tam mahiyyəti açıqlanmamışdır. Ona görə də 11-ci maddədə mühafizə orderinin nə olduğu, hansı müddətə verildiyi və bunun məzmunu, mahiyyəti açıqlanır. Mühafizə orderi zərər çəkmiş şəxsə verilsə də, onun surəti zorakılığı törədən şəxsə mütləq rəsmi qaydada təqdim olunmalıdır. Mühafizə orderinin verilməsi xəbərdarlıq elan olunmasından sonra ikinci mərhələdir ki, bu mərhələ özü özlüyündə yeni tələblər irəli sürür.
12-ci maddədə uzunmüddətli mühafizə orderinin təqdim edilməsi qaydası öz əksini tapıb.
III fəsil məişət zorakılığının qarşısının alınması sahəsində tədbirlərdir. Buraya həm sosial, həm də xəbərdaredici tədbirlər daxildir. III fəslin 13-cü maddəsində olan fikirlər sonradan 14-cü, 15-ci və 16-cı maddələrdə daha geniş şəkildə ifadə olunur.
17-ci maddə zərər çəkmiş şəxslərə yardım göstərildikdə konfidensiallığın  təmin edilməsi barədədir. Bu da kifayət qədər həssaslıqla yanaşılması vacib olan bir məqamdır. Hər hansı bir məişət zorakılığına məruz qalmış şəxs və onun ailə həyatı barəsində məlumatlar  konfidensial hesab edilir. Belə şəxsi cəmiyyətin hər hansı bir qınağından,  hər hansı bir mənfi münasibətindən qorumaq üçün bu məsələlərə kifayət qədər ehtiyatla yanaşmaq lazımdır.
Maddə 18. Məişət zorakılığı ilə bağlı məlumat bankı. Bu məlumat bankı haqqında da müxtəlif fikirlər var. Belə bir məlumat bankının olmasının nə dərəcədə əhəmiyyəti var? Məlumatlar bura yığılsınmı? Sonradan bu məlumatların məxfiliyi nə qədər təmin ediləcək və sair. Biz hesab edirik ki, məlumat bankının olması kifayət qədər vacib məsələdir. Bunun fəaliyyəti və təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Yardım mərkəzlərinin mahiyyətini əks etdirən 19-cu maddə  də müəyyən fikirlərin meydana gəlməsinə səbəb oldu. Zərər çəkmiş şəxslər üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət yardım mərkəzləri təşkil olunur. Dövlət yardım mərkəzlərinin göstərdiyi xidmətlər ödənişsizdir. Azərbaycanda bu gün yardım mərkəzləri yoxdur. Ancaq qonşu ölkələrin təcrübəsi göstərir ki, belə mərkəzlərin müxtəlif adlar altında fəaliyyət göstərməsi ehtiyacdan irəli gəlir. Məsələn, ABŞ-da, Kanadada  zərər çəkmiş şəxslərə yardım dövlət hesabına göstərilsə də, məişət zorakılığı törətmiş şəxslərin psixoloji reabilitasiyası onlara təyin olunmuş cəzanın əvəz edilməsi şərti ilə özlərinin ödənişi əsasında həyata keçirilir. Qonşu Gürcüstanda zorakılıq törətmiş şəxslərin psixoloji reabilitasiyasını təmin edən yardım mərkəzlərinin sayı artmaqdadır  və bunlar da dövlət hesabına fəaliyyət göstərir.
Qanun layihəsinin müzakirəsi zamanı mən bu barədə fikrimi söyləmişəm. İstərdim, bu gün hörmətli həmkarlarımla o fikri bir daha bölüşdürüm. Ola bilər ki, yardım mərkəzinin  adı insanı ondan uzaqlaşdırsın. Amma ayrı-ayrı rayonlarda, ayrı-ayrı yerlərdə ağsaqqal, ağbirçək insanlar var, gözəl ailələr var. Dövlət tərəfindən hər hansı bir ödənişlə o zərər çəkmiş şəxsin müəyyən bir dövrdə belə ailədə yerləşdirilməsi, məhz o ailədə psixoloji reabilitasiya  keçməsi çox maraqlı olardı.
Türkiyədə təkcə qadınlar deyil, zorakılıq törətmiş kişilər də  həmin o mərkəzlərdə yerləşdirilir. Çünki o zorakılığı törətmənin səbəblərini arayıb araşdırmaq, müəyyənləşdirmək lazımdır ki, bu insan hansı səbəblərdən həmin  o zorakılığı törədib.
Bizim əsas amalımız, istəyimiz bax o zorakılıq meyillərinin, istəyinin aradan qaldırılması və ailənin dağılmasına yol verilməməsidir. Buna görə də biz belə bir yardım mərkəzi yaradıb, qadını uşaqları ilə birlikdə oraya yerləşdirsək, kişi isə evində qalsa və yaxud qadını evində qoyub kişini oraya yerləşdirsək, bu, nəticə etibarilə növbəti bir qarşıdurmaya yol aça bilər. Buna görə biz əgər ailə institutunu qorumaq və aradakı anlaşılmazlığı aradan qaldırmaq istəyiriksə, hər iki tərəfə yardım etmək üçün belə mərkəzlər, təhlükəsiz evlər yaratmalıyıq. Məsələn, hazırda Kanadada 500-dən artıq belə təhlükəsiz ev mövcuddur  və bu evlərə müraciət edən insanların sayı 100 minə yaxındır. Burada təkcə qadın və kişilər yox,  uşaqlar da, əlil və fiziki qüsuru olan insanlar da ola bilərlər. Yəni bu evlər ailə daxilində öz yaxınlarının, doğmalarının nifrətinə, hiddətinə tuş gələn bütün insanlar üçündür.
Mən burada bir fikrimi də qeyd etmək istərdim. Bu gün Azərbaycanda qocalar evləri var. Mən dövlətimizin, xalqımızın bu insanlara münasibətini gözəl bilirəm və dövlətimizin də, ayrı-ayrı xeyriyyəçi təşkilatların da həmin evlərə yardımının şahidiyik. Ancaq bəzən həmin qocalar evində bəzən öz övladları tərəfindən hansısa bir hiddətə,  anlaşılmazlığa, zorakılığa tuş gələn insanların da yerləşdirilməsinin şahidi oluruq. Bax, söhbət bundan gedir ki, əgər ailə daxilində belə bir problem yaranırsa, onu həll etməyin yalnız inzibati deyil, başqa yolları da olmalıdır. Buna görə mən özəl qocalar evlərinin də yaradılmasının tərəfdarıyam. Çünki Qərbdə belədir. Əgər bu ailənin övladının imkanı varsa və o öz anasını, yaxud atasını öz evində saxlamaq istəmirsə,  valideynini qocalar evinə verirsə, zəhmət çəksin, oraya müəyyən miqdarda  pul ödəsin.
Bizim istəyimiz nədir? İstəyimiz odur ki, cəmiyyətdə olan müxtəlif xarakterli məişət zorakılığını aradan qaldırmaq üçün ilk növbədə ailə daxilində bunu həll edək. Əgər ailə daxilində bunu həll etmək imkanı yoxdursa, bu problemlər qanunun əhatə dairəsinə düşür və öz gerçək həllini tapır.
Əziz həmkarlarım, hər birimiz ömrümüzdə bir dəfə də olsa, belə bir məişət zorakılığının qurbanı olmuşuq. Bunun nə qədər ağır nəticəsi olduğunu bilirik. Ona görə də belə halların aradan qaldırılması üçün biz bu qanunu qəbul etməliyik. Bu, cəmiyyətə, insanlara xəbərdarlıq və öz fəaliyyətlərini düzgün istiqamətləndirmək üçün bir göstərişdir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Əli müəllim, mən Sizə sonra söz verərəm. Qoy danışsınlar, müzakirədə iştirak etsinlər. Siz komitədə baxmısınız. Buyursun Jalə Əliyeva.
J.Əliyeva. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən əvvəlcədən demək istəyirəm ki, müzakirə etdiyimiz qanun layihəsi sözün əsl mənasında çox böyük bir diqqətlə və səviyyəli bir şəkildə hazırlanıb və bütün müddəalar anlaşılan, səlis bir dildə işlənib. Bunun üçün mən komitəyə təşəkkürümü bildirmək istəyirəm. Mən bu qanuna məmnuniyyətlə səs verəcəyəm. İnanıram ki, cəmiyyətimiz üçün, hər birimiz üçün çox vacib olan qanun layihəsinə birinci oxunuşda bütün deputat həmkarlarım birmənalı olaraq səs verəcəklər.
Əslində, bu gün cəmiyyətimizdə məişət zorakılığı ilə yanaşı, müzakirə obyektinə çevrilən insan alveri, qızların təhsildən yayınması, erkən nikahlar, qeyri-qanuni nikahlar, boşanmalar, qadınlar tərəfindən törədilən cinayətlər və sair kimi bir sıra digər problemlər də var. Bu problemlərin mənbəyinə baxsaq, heç şübhəsiz, deyə bilərik ki, onlar bir-biri ilə bir növ zəncirvarı bağlıdır. Yəni sadalanan problemlərin hər biri özlüyündə digər bir problemin başlanğıc nöqtəsidir. Zorakılıq ifadəsinin fəlsəfəsi özlüyündə birinin digərinə qarşı tətbiq etdiyi gücü, şiddəti, bir şeyə zorla məcbur etməni ehtiva edir. Təbii ki, fiziki cəhətdən daha güclü olan zəif olana qarşı şiddətə, zora əl atır və bu əməllər, bir qayda olaraq, qadınları, uşaqları, qocaları hədəfə alır.
Aparılan araşdırmalar, daxil olan müraciətlər, statistika bunu deməyə əsas verir ki, cəmiyyətin bütün fərdləri arasında bu kimi hallarla ən çox qarşılaşan qadın cinsinin mənsublarıdır. Bir az əvvəl qeyd etdiyimiz zəncirvarı əlaqəni obrazlı şəkildə ümumiləşdirsək, təqribən belə bir mənzərə yaranır. Bəzi ailələrdə qızlar məhz qız olduqları üçün istismar edilir, ailənin oğlan uşaqları ilə qızları arasında bir fərq qoymaq ənənəsi yaranır. Bu ailələrdə qızları başlarından etmək üçün tez, lap məktəbli yaşında zorla ərə verirlər, üstəlik də, bir qayda olaraq, qızdan yaşca çox böyük olan, əksər hallarda da evli olan kişiyə.
Diqqət edək, elə bu məqama qədər qızın artıq üç hüququ pozuldu. Qız məktəbdən yayınır, daha doğrusu, məktəbə heç getmir. Nikah yaşına çatmadığı üçün bu, erkən nikah sayılır və bu evlilik nikah kəsilmədiyi üçün və kişinin evli olması səbəbindən qeyri-rəsmi nikah adlanır. Sonra həmin qızın uşaq çiyinlərinə böyük bir ailənin yükü düşür. Bir müddət sonra hələ özü uşaq ikən dünyaya uşaq gətirir. Bir az da keçir, yavaş-yavaş evdə lazımsız bir əşyaya çevrilir, təzyiqlər, təhqirlər, döyülmələr başlayır.
Diqqət edin, yenə də zor və şiddətdən istifadə. Bəziləri bəlkə ömür boyu buna dözür, tab gətirməyənlər isə qucağında körpəsi ilə küçəyə atılır. Yenə də zorun nümunəsi. Bu dəfə isə ailəsi ona sahib çıxmır, doğmalarının, atasının, qardaşının zorbalığı ilə qarşılaşır. Buyurun, bu da sizə yeni bir təzyiq vasitəsi. Tamamilə çarəsiz vəziyyətdə olan bu qadın özünü və övladını saxlamaq üçün iş, yaşamaq yeri axtarır. Təbii ki, savadı olmayan, heç bir sənətə yiyələnməyən qadın bəxti gətirsə, ən yaxşı halda xadiməlik edə bilir. Amma hətta bu  işi də tapa bilməyənlər və ya bəyənməyənlər özləri də  hiss etmədən həyatın dibinə yuvarlanırlar, əxlaqsızlığın qapısı döyülür, cinayətə sürüklənir, narkotikə aludə olurlar, zöhrəvi xəstəliklər gəlir və sair, beləcə həyatları satılır.
Hörmətli həmkarlarım, bir neçə cümlə ilə, sadəcə, mənzərəsini yaratmağa çalışdığım məqamlar, əslində, ümumiləşdirilmiş bir reallıqdır. Bu sualları özümüzə dəfələrlə veririk: “Bu bəla haradan qaynaqlanır, kökündə nə dayanır, ailədə yanlış tərbiyəmi, məişət problemlərimi, iqtisadi çətinliklərmi, maddi-psixoloji asılılıqmı? Nə etməli, necə etməli ki, insan insanın, həm də özündən fiziki cəhətdən zəif insanın hüquqlarını tapdalamasın, ona əziyyət verməsin?”
Fikrimcə, məsələnin kökünü ailədə axtarmaq lazımdır. Demək olar ki, hər günaşırı yaxınlarının, doğmalarının zorakılığına məruz qalanlarla qarşılaşırıq. Bəzən mühiti, məktəbi, cəmiyyəti, əhatəni günahlandırırıq.  Əlbəttə ki, bu amillər də istisna deyil. Amma bütün bu uğursuzluqların, yanlışların, naqisliklərin təməlində ailə və ailə tərbiyəsi durur.
Birləşmiş Millətlər Təşkilatlının hesablamaları göstərir ki, dünyada hər 3 qadından biri zorakılığa məruz qalır. Alınan qərara görə BMT üzvü olan ölkələr 2015-ci ilə qədər bu problemlə bağlı qanunvericilik bazası yaratmalı, maarifləndirmə işləri aparmalı, problemin həlli üçün proqram hazırlamalıdırlar.
Məlumdur ki, ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “İnsan  hüquqlarının müdafiəsi üzrə milli fəaliyyət planı”nda qadınlara qarşı zorakılıq hallarının aradan qaldırılması, o cümlədən məişət zorakılığı ilə mübarizənin gücləndirilməsi və bu sahədə geniş maarifləndirmə işinin təşkilinin zəruriliyi vurğulanıb. Milli fəaliyyət proqramı çərçivəsində bu istiqamətdə bu günə qədər bir çox profilaktik tədbirlər görülüb.
Bu gün müzakirə etdiyimiz qanun layihəsi də bir az əvvəl söylədiyim kimi, problemin aradan qaldırılması, bu problemlə mübarizə istiqamətində atılan çox əhəmiyyətli bir addım kimi qiymətləndirilməlidir. Bu qanunun qəbulu həm Azərbaycanın beynəlxalq öhdəlikləri, həm də vətəndaş cəmiyyətinin təkmilləşdirilməsi baxımından vacibdir, dəyərlidir. İnanıram ki, bu qanunun qəbulu məişətdə zorakılıq hallarının qarşısının alınmasında böyük rol oynayacaqdır. Lakin eyni zamanda, bir təklifimi də səsləndirmək istəyirəm. Qanunda cəza tədbiri kimi müəyyən bir cərimənin nəzərdə tutulması, yeri gəldi-gəlmədi, zorakılığa əl atan şəxsin öz hərəkətlərinə nəzarət etməsinə və bu kimi əməllərini məhdudlaşdırmasına səbəb ola bilər. Düşünürəm ki, həmin müddəa mühafizə orderi haqqındakı 11-ci və 12-ci maddələrə və ya məişət zorakılığının təkrarlanmaması barədə xəbərdarlıq haqqındakı 10-cu maddəyə əlavə edilə bilər.
İkinci bir təklifim isə qanunun tətbiqində maksimum nəticə əldə etmək üçün əhəmiyyətli olan təbliğ və tədris işləri ilə bağlıdır. Gəlin etiraf edək ki, sadəcə, qanunun hazırlanması, qəbulu ilə iş bitmir. Bu kimi qanunların yazılmasına səbəb olan halları yerlərdə cəmiyyətin ayrı-ayrı fərdlərinə izah etmək, onlara nəyin pis, nəyin yaxşı olduğunu göstərmək lazımdır. Bu iş xüsusilə əyalətlərdə, ucqarlarda intensiv şəkildə aparılmalıdır. Bu sahədə görülməli olan işlərin xeyli hissəsi qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin, təlim-tədris mərkəzlərinin üzərinə düşür. Yaxşı olardı ki, bu gün bizim böyük bir həyəcanla söz açdığımız bütün bu sosial bəlalar, onların yaranma səbəbləri, fəsadları, insanlara, bütövlükdə cəmiyyətə vurduğu ziyan və onlardan xilas olmanın yolları tədris müəssisələrində və ilk növbədə uşaqlarda təfəkkürün formalaşdığı orta məktəblərdə xüsusi bir kurs kimi tədris olunsun.
Hörmətli həmkarlar, mən çıxışımın sonunda ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili hörmətli Mehriban xanım Əliyevanın dünən Bakıda keçirilən gender nazirlərinin konfransı zamanı dəyərli çıxışında səsləndirdiyi çox əhəmiyyətli fikirlərinə istinad etmək istəyirəm. Azərbaycan qadınının keçdiyi şərəfli tarixi yola nəzər salan və 1918-ci ildə qurulan Azərbaycan Demokratik Respublikasının Şərqdə ilk dəfə qadınlara seçmək və seçilmək hüququnu verdiyini qonaqların diqqətinə çatdıran hörmətli Mehriban xanım Azərbaycan qadınının son bir əsrdə, xüsusilə son dövrdə əldə etdiyi nailiyyətləri xüsusi olaraq vurğuladı, qadınlarımızın bugünkü cəmiyyət və dövlət həyatındakı rolundan, gündən-günə yüksələn nüfuzundan danışdı. Eyni zamanda, dünyanın ən inkişaf etmiş ölkələrində olduğu kimi, Azərbaycanda da bəzi hallarda ailədaxili zorakılıqların istisna olmadığını bildirdi. Bu kimi hallara göz yummağın onlara nəinki rəvac vermək, hətta  mənəviyyatsızlıq olduğunu dedi. Mehriban xanım söylədi ki, vəziyyətin dəyişilməsində uğurlar bir çox siyasi, ictimai, sosial, dini və mənəvi amillərdən asılıdır. Lakin yekun nəticədə hər şey bizdən – bu planetdə yaşayan kişilər və qadınlardan, yəni hər birimizdən asılıdır. Hələ keçən əsrin əvvəllərində böyük Hüseyn Cavidin dediyi kimi: “Qadın gülərsə, şüursuz mühitimiz güləcək, Sürüklənən bəşəriyyət qadınla yüksələcək”. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Jalə xanım, Sizin çıxışınızdan belə çıxdı  ki, məişət zorakılığı yalnız qadınlara aiddir. Bu, kişiyə də aiddir, qadına da aiddir.  Qanun layihəsində “Əsas anlayışlar” maddəsi var. Xahiş edirəm, çıxışlardan qabaq bir o anlayışlara baxın. Bu, tək qadına  qarşı zorakılıq deyil.
İkinci, mən görürəm, 21 nəfər yazılıb. Əgər etiraz etmirsinizsə, reqlament 5 dəqiqə olsun, hamı danışsın. Etiraz yoxdur? Rafael Cəbrayılov.
R.Cəbrayılov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Məişət zorakılığı bütövlükdə insan hüquqlarının pozulmasının çox spesifik bir formasıdır. Məişət zorakılığı baş verdiyi evin, mənzilin divarları ilə əhatə olunan və cəmiyyətin nəzər-diqqətindən kənarda qalan bir zorakılıqdır və məhz bu xüsusiyyətlərlə səciyyələnir. Amma zorakılığın hansı məkanda baş verməsindən, onun hansı miqyasda olmasından, böyük və kiçikliyindən asılı olmayaraq əgər zorakılıq varsa, bu, insan hüquqlarının pozulmasının bir nümunəsidir və dövlət öz siyasi, hüquqi iradəsini ortaya qoymalıdır. Dövlətin siyasi, hüquqi iradəsi isə konkret halda qanun şəklində olmalıdır.
Məişət zorakılığı haqqında qanun layihəsində məni cəlb edən ən mühüm cəhət onun fəlsəfəsidir. O, məişət zorakılığını bütövlükdə insan hüquqlarının pozulması kimi qəbul edir və bütünlüklə Azərbaycanın ailə modelinin saxlanılmasına xidmət edir. Qanun layihəsində məişət zorakılığına aid olan işlərin Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun şəkildə araşdırılmasının müəyyən edilməsinə baxmayaraq, məişət zorakılığını törədən şəxs yalnız zərərçəkmiş şəxsin ərizəsindən, onun şəxsi müraciətindən asılı olaraq inzibati məsuliyyətə cəlb olunacaqdır. Yəni burada yenə də hər bir halda zərərçəkmiş şəxsin, konkret halda qadının öz ailəsini qoruyub saxlamaq hüququ tanınır.
Bundan başqa, belə bir qanunun qəbul edilməsi praktik işçilər üçün də    çox böyük əhəmiyyətə malikdir. Bildiyiniz kimi, ailədə baş verən qanun pozuntularının araşdırılması praktiki işçilər üçün çox böyük çətinlik törədir. Çünki Konstitusiyaya görə yaxın qohumların bir-birinə qarşı ifadə verməmək hüququ var. Bu baxımdan praktiki işçilər  məişətdə baş verən qanun pozuntularını araşdırmaqda çox çətinlik çəkirlər. Buna görə də belə bir qanunun qəbul olunması, eyni zamanda, praktiki işçilərə öz vəzifələrini daha layiqincə icra etməkdə kömək edəcəkdir.
Bəzən bu qanun layihəsini, səhvən yalnız qadınların hüquqlarının pozulmasına qarşı olan və bu hüquqların müdafiəsinə yönələn bir qanun layihəsi kimi təsəvvür edirlər. Amma bildiyimiz kimi, məişət zorakılığının subyektləri təkcə qadınlar deyil. Əlillər, fiziki və psixi  qüsuru olan insanlar, hətta uşaqlar da bu zorakılığın subyektləri ola bilərlər. Belə bir qanunun qəbul olunması Azərbaycan Respublikasının qanunvericiliyini zənginləşdirməklə yanaşı, Azərbaycanda qanunçuluğun və hüquq qaydalarının daha da möhkəmləndirilməsi istiqamətində yeni bir addım olacaq. Ona görə mən hörmətli həmkarlarımdan xahiş edirəm ki, bu layihənin qəbul olunmasına səs versinlər. Diqqətinizə görə sağ olun.   

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Çox sağ olun. Gülər Əhmədova.
G.Əhmədova. Təşəkkür edirəm. Mən hər iki komitədə bu qanun üzərində işləyən həmkarlarımıza təşəkkürümü bildirmək istəyirəm. Çünki bu qanun o qanunlardandır ki, özünün tarixçəsi və belə demək mümkündürsə, bir həyat yolu var. Bu qanun müzakirəyə çıxarılanadək biz çox maraqlı və müxtəlif fikirlərlə dolu bir yol keçdik. Mən həm parlamentin rəhbərliyinə, həm də bayaq qeyd etdiyim hər iki komitənin üzvlərinə təşəkkür edirəm ki, bunu bu gözəl səviyyədə bizə təqdim edirlər.
Mən, sadəcə, bir-iki məqamı nəzərə çatdırmaq istəyirəm. Əlbəttə,  məişət zorakılığı ilə bağlı müəyyən məsələlər bütün dünyada qəbul olunmuş standartlara uyğun həyata keçirilir. Amma  bu, çox zaman  mətbuatda da, öz aramızda da bizim müzakirə obyektimiz olub.
Azərbaycanda bəzi məqamları nəzərə alsaq, məncə, pis olmazdı. Əgər hər hansı bir ailədə məişət zorakılığı varsa, bu zaman qadının və uşaqların   deyil, əksinə, zorakılıq göstərən kişinin evdən uzaqlaşdırılması, sığınacaq evlərinə yerləşdirilməsi, məncə, daha məqsədəuyğundur. Hər halda, zorakılıq göstərən insanın birmənalı şəkildə psixi problemləri və ya hansısa kompleksləri var. Belə kişilərin reabilitasiya mərkəzlərinə  göndərilməsi həm onların psixi sağlamlıqlarının bərpasına xidmət edər,  həm bizim millətin mentalitetinə uyğun olar, həm də qadın və uşaq hüquqlarının müdafiəsi baxımından çox düzgün bir addım olardı. Çünki əgər ailədə qadın və uşaq zorakılığa məruz qalırsa və onlar sığınacaq evinə göndərilirsə, biz ikinci dəfə şüurlu surətdə onların hüquqlarını pozuruq. Aydın məsələdir ki, uşaq təhsildən yayınacaq, qadın işlədiyi yerdə narahatçılıqla və ümumi yaşamaq hüququ ilə bağlı bir çox narahatçılıqlarla rastlaşacaq. Əgər uşaq körpədirsə, bu narahatçılıqlar ikiqat, üçqat artacaq. Ona görə mənə elə gəlir ki, ikinci oxunuşda biz bu məqamları nəzərdən qaçırmamalıyıq.
Biz 1.4-cü maddədə məişət zəminində psixi zorakılığa  tərif vermişik. Həmin maddəyə bir neçə məqamı da əlavə etsəydik, yerinə düşərdi. Çünki bu gün Azərbaycanda qadınlara və uşaqlara qarşı məişət zorakılığının klassifikasiyası onu göstərir ki, bir çox hallarda ailə üzvləri tərəfindən  gənc qızların, qadınların fahişəliyə, uşaqların dilənçiliyə cəlb olunması faktları da var. Məncə, həmin maddəyə buna qarşı da bir müddəa əlavə etmək olardı.
Ümumən hesab edirəm ki, bu həm bizim milli dəyərlərimizə, həm də ümumibəşəri dəyərlərə cavab verən bir qanundur. Mən bütün həmkarlarımı bu qanuna səs verməyə çağırıram. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Elmira Axundova.
E.Axundova. Çox sağ olun. Bu qanun həyatın reallıqlarından doğan bir qanunvericilik sənədidir. Mən belə bir qanunun işlənməsi, ərsəyə çatdırılması və Milli Məclisə təqdim edilməsində yaxından iştirak etmiş şəxslərə öz minnətdarlığımı bildirmək istərdim. Burada düzgün deyilib ki, məişət zorakılığı bütün cəmiyyətlərdə mövcuddur və onu tək qadınlara qarşı törədilən zorakılıq halları kimi başa düşmək əsassızdır.
Biz, Əfv komissiyasının üzvləri həm məişət zorakılığı qurbanlarından, həm də bu zorakılığı törətmiş şəxslərdən gələn   ərizə və şikayətlərlə müntəzəm surətdə tanış olur, əfv etmək haqqında vəsatətləri komissiyanın iclaslarında müzakirə edirik. Düzdür, məişət zorakılığı qurbanlarının çox hissəsi qadınlardır, lakin ailə zəminində baş verən bədbəxt hadisələrin qurbanları arasında qocalar, uşaqlar, kişilər də vardır.  Təəssüflə qeyd etmək istərdim ki, məişət zorakılığı zəminində törədilmiş cinayətlər axır zamanlar xeyli artıbdır. Hər halda Əfv komissiyasının iclaslarında baxılan əfv ərizələrinin 80 və bəlkə də 90 faizi məhz məişət zorakılığı ilə bağlıdır. Özü də ən dəhşətlisi odur ki, fiziki zor bir çox hallarda ölümlə nəticələnir.
Çox yaxşı haldır ki, bu qanunun çərçivələri genişdir. Burada söhbət həm fiziki zorakılığın, həm də iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin aradan qaldırılmasından gedir. Biz, xüsusilə kənd seçki dairələrindən seçilən xanım millət vəkilləri onlarla fiziki və iqtisadi zorakılıq hadisələrini misal gətirə bilərik. Valideynlər qız uşaqlarını hətta orta təhsil almaqdan yayındırır, 15-16 yaşlarında ərə verirlər. Nikah pozulduqdan sonra qadın ər evindən qovulur, ata evinə 2-3 uşaqla qayıdır. Bir çox hallarda cehizləri qaytarılmır və sair. Övladlar qoca ata-analarını incidir, təqaüdlərini əllərindən alır, valideynlər köməksiz hala düşəndə onlara pis baxır, bəzənsə heç baxmırlar. Biz hamımız belə faktlarla rastlaşır və bu faktlar qarşısında aciz qalırıq. Çünki əlimizdə müəyyən qanun yoxdur. Ona görə də bu qanunun qəbulu, ən əsası isə düzgün tətbiqi çox vacibdir. Bu barədə dünən çox hörmətli həmkarımız Mehriban xanım Əliyeva beynəlxalq konfransda çıxışı zamanı açıq, səmimi, mövcud problemləri  gizlətmədən demişdir.
Adı çəkilən qanunun bəlkə də ən vacib maddəsi 19-cu maddədir. Burada söhbət zərərçəkmiş şəxsin dövlət yardım mərkəzində sığınacaqla təmin edilməsindən gedir. Özü də belə mərkəzlərin yaradılma hüququnun qeyri-hökumət təşkilatlarına verilməsi, məncə, çox mütərəqqi və demokratik bir əlavədir. Lakin mən ehtiyat edirəm ki, yardım mərkəzlərinin yaradılma prosesi bu qanunun qəbulundan sonra uzana bilər. Zənnimcə, Şərq mentalitetimizi əlində bayraq tutan bəzi məmurlar bu prosesi ləngidəcək. Halbuki belə mərkəzlərə ehtiyac çox böyükdür. Onları yaratmaqla biz hətta insan həyatını xilas edə bilərik.
Axır zamanlar məişət zorakılığının qurbanları cəmiyyət tərəfindən kömək hiss etməyərək və çıxış yolunu görməyərək özünə sui-qəsd aktları törədirlər. Ona görə də mən yenə qanunlarımızın icrası mexanizminin təkmilləşdirilməsi problemini hörmətli sədarətin və dövlət nümayəndələrinin diqqətinə çatdırmaq istərdim. Bir çox hallarda bizim qəbul etdiyimiz ən mükəmməl qanunlar işləmir və bu da bizim ümumi işimizə xələl gətirir.
Axırda bir təklif vermək istərdim. Qanun çox gözəl yazılıb, amma belə təəssürat yaradır ki, guya məişət zorakılığına qarşı mübarizə tək dövlətin üzərinə düşməlidir. Halbuki burada medianın rolu, ictimai rəyin rolu çox böyükdür. Ona görə də 16-cı maddəyə bir neçə bənd əlavə edilməlidir. Bu bəndlərdə söhbət medianın, xüsusilə televiziyanın, yaradıcı təşkilatların rolundan,  TV-lərdə sosial roliklərin göstərilməsindən, xüsusi veriliş və filmlərin hazırlanmasından gedə bilər. Fikrimcə, geniş profilaktik tədbirlərin həyata keçirilməsi bir çox məişət zorakılığı hadisələrinin qarşısını ala bilərdi.
Ümumiyyətlə, mənə elə gəlir ki, qanun çox mükəmməl işlənib. Mən deputat həmkarlarımı ona səs verməyə çağırıram. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Elmira xanım, sağ olun. Hörmətli deputatlar, nəzərə alın ki, ATƏT-in Bakı ofisinin rəhbəri və Avropa Şurasının nümayəndəsi burada, salonda əyləşiblər. Ona görə mən xahiş edirəm, danışanda hər şeyi qara rəngləməyək. Siz elə danışırsınız ki, guya Azərbaycanda çox faciəvi bir vəziyyət hökm sürür. Biz bu cür halların olduğunu danmırıq, bilirik  belə faktlar var. Amma danışanda faktlara, statistikaya əsaslanmaq lazımdır. Xahiş edirəm, belə şeyləri nəzərə alın. Buyurun, Siyavuş Novruzov. 
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Mən də bu qanunun qəbul olunmasına tərəfdaram və deputat həmkarlarımı buna səs verməyə çağırıram.  Amma qanunun ümumi fəlsəfəsinə baxanda görürsən ki, ağırlıq nöqtəsi qadınlar tərəfə yönəlib. Mən hesab etmirəm ki, bu, qadınla bağlı olan məsələdir. Qadın həmkarlarımız da bu məsələlərdə çox fəaldırlar. Çox ətraflı şəkildə çıxış edirlər və ayrı-ayrı nöqsanları göstərirlər. Bu, hərtərəfli olmalıdır. Hesab edirəm ki, qanunun fəlsəfəsində də bu öz yerini tutmalıdır. O qədər mətbəxdə döyülən kişilər var ki. Bunların hüququnu kim qoruyacaq, bunlarla kim məşğuldur? Hamı məsələni qadınlara tərəf yönəldir. Hələ bunu araşdırmaq lazımdır ki, statistikada bu neçə faiz təşkil edir.
İkinci bir tərəfdən, Azərbaycanda qadın hüquqlarının qorunmasına,  Azərbaycanın, ümumiyyətlə, həmişə bu prosesə sədaqətli olmasına,  dəstəkləməsinə dünən hörmətli Mehriban xanım tərəfindən keçirilən böyük bir konfransı misal göstərmək olar. Bu qanunun bu gün müzakirə olunub qəbul olunmasının özü də belə proseslərə dəstəkdir. Lakin biz  dinimizin, etiqadımızın İslam olmasına baxmayaraq, həmişə dünyəviliyi dünyaya sübut etmişik və bütün dinlərin  azad şəkildə, qanun çərçivəsində fəaliyyət göstərməsini nümayiş etdirmişik.
Ziyafət müəllim, Siz çox gözəl dediniz. Mən də həm ATƏT-in, həm də Avropa Şurasının hörmətli nümayəndələrinin burada iştirakından istifadə edərək bir parlamentari kimi bir çox məsələləri qaldırmaq istəyirəm. Bu gün biz Avropa Şurasına, ATƏT-ə daxil olan ayrı-ayrı ölkələrin parlamentlərində belə məişət zorakılığına rast gəlirik. Nə vaxt görünüb ki, parlament geyimlə bağlı qərar qəbul etsin? Belə çıxır ki, parlament qərar qəbul edəcək ki, kimsə palto geyinsin, ya geyinməsin? Biri başını bağlayır, digəri açıq gəzir. Bunun parlamentə nə aidiyyəti var? Bu cür yanaşmanın özü, ilk növbədə insanların heysiyyətinə toxunan məişət zorakılığının ən bariz göstəricisidir. İnsanların daxili aləmindən, mənəviyyatından gələn bir məsələni parlament qanun səviyyəsinə salır və qanun qəbul edir. İstər İslamda, istərsə də xristianlıqda eyni cinsin bir-biri ilə ailə qurması qadağandır. Buna icazə verilir, lakin kimsə başına hicab bağlayırsa, deyirlər ki, yox, bu, qadağandır. Nə edəcək, gəlib kimisə öldürəcək? Ona görə də mənə elə gəlir ki, bu dövlətlərə müraciət etmək lazımdır ki, bütün dəyərləri qəbul etsinlər. Əgər belə qanunları bir model qanun kimi təsdiq edib göstərirlərsə, heç olmasa, öz parlamentlərində  bu cür məsələləri qaldırmasınlar. Parlament heç vaxt geyimlə bağlı qanun qəbul edə bilməz. Hərbiçilər, polis və sair nizamnamə ilə geyinirlər. İnsanın  geyim formasını parlament qərarla necə müəyyənləşdirir?
Mən hesab edirəm, biz bu qanuna səs verməklə dünyaya sübut edəcəyik ki, dediyimiz məsələlərlə bağlı həmişə Avropa dəyərlərinə, dünyanın inkişaf etmiş dövlətlərində gedən proseslərə qoşuluruq, öz ölkəmizdə bu qanunları qəbul edirik, onlara əməl edirik və xahiş edirik ki, onlar da bu qanunlara, beynəlxalq konvensiyalara, Avropa Xartiyasından irəli gələn insan hüquqlarının qorunması məsələsinə əməl eləsinlər. Heç bir insanın heysiyyətinə toxunmasınlar və sair. Başa düşürəm, universitetin rəhbərliyi qərar qəbul elədi ki, universitetdə bu cür olmaz, dərs prosesinə təsir edə bilər. Şəhərin ortasında bu cür gəzmək üçün ya mer, ya da parlament gərək qərar qəbul edə? Ona görə mən hesab edirəm ki, burada oturan beynəlxalq təşkilatların nümayəndələri həmin ölkələrin nəzərinə çatdırsınlar ki, bu gün İslam dəyərlərinin daşıyıcıları dünyəviliyin daşıyıcılarıdır və onlar insanların təriqəti, inancı, geyimi ilə bağlı heç bir qadağa qoymurlar. Həmin dövlətlər də öz parlamentlərinə müraciət eləsinlər ki, insan hüquqlarını bu cür pozmaq olmaz. Təşəkkür edirəm.
Sədrlik edən. Siyavuş müəllim, düz deyirsiniz, sözünüzün qüvvəti, qəribə, təzadlı bir vəziyyət yaranıb. Deməli, Avropa ölkələrində soyunmağa icazə verirlər, amma geyinməyi qadağan edirlər. Doğrudan, qəribə şeylər baş verir. Zahid Oruc.
Z.Orucov. Təşəkkür edirəm. Hörmətli Ziyafət müəllim, hörmətli həmkarlar! Bu qanun layihəsi bir neçə dəfə həm komitələrdə, həm də plenar iclasda müzakirə olunmuş və birmənalı qarşılanmamışdı. Bunun ətrafında da mediada xeyli diskussiyalar, debatlar getmişdir. Belə sayırdılar ki, parlament çoxluğunu kişilərin  təşkil etməsi artıq burada mühafizəkar mövqeyi bərqərar edir və bunun üçün də kişilər süngü ilə bu layihənin əleyhinə çıxırlar. Halbuki elə deyildir. Qanundakı müxtəlif müddəalar, ayrı-ayrı mövqelər bütövlükdə cəmiyyətin ümumi modelinə, yaşam tərzinə, ailələrin strukturuna mənfi təsir göstərə bilər. Məhz bundan söhbət gedirdi.
Mən istəyirəm ki,  qanunun konsepsiyasından danışdığımız üçün bir sıra prinsipial məqamları elə konseptual olaraq vurğulayam. Bəli, hər birimiz sivil ölkənin vətəndaşları olaraq qadın və kişi arasındakı  hüquq bərabərliyinin tərəfindəyik. Amma bunu da bilməliyik ki, Allah qadın və kişini bərabər yaratmayıb. Hüquq bərabərliyi hələ cəmiyyətdə faktiki bərabərliyə səbəb olmayacaqdır. Heç bir qanun bizim istədiyimiz  zorən bərabərləşməni təmin eləməyəcək. Bildiyim qədər, Peyğəmbər əleyhissəlamın bir deyimi var. O deyir ki, övladların heç birinə fərq qoymayın. İkinci dəfə bir daha o fikri təkrarlayır. Yalnız üçüncü dəfə söyləyir ki, əgər fərq qoymaq lazım gəlsəydi, mən qız övladına üstünlük verərdim. Sonra da əsaslandırır ki, məhz onların təbiətindəki zəriflik və nisbi zəiflik bununla bağlıdır. Bir az başqa cür səslənsə də, məcburam deyəm ki, müharibələrin tarixi kişilərin sümüklərindən  ibarətdir. Orada xanımların adı azdır və bu, başa düşüləndir. Bizim hörmətli həmkarımızın birinə məxsus fikirdir ki, peyğəmbərlər içərisində kimlər bu üstünlüyü təşkil edib?
Mən bununla nəyi demək istəyirəm? Əlbəttə, mən qadınların cəmiyyət həyatında, bütün idarəetmə məsələlərində ən üstün mövqeyə sahib olmasının tərəfdarlarından biriyəm. Lakin bunu kişilərin zəiflədilməsi hesabına eləməməliyik. Bu mənim fundamental mövqeyimdir.
Nədən bu qanun layihəsinə keçmişdə birmənalı olmayan münasibətlər vardı? Bir neçə təhlükə gözlənilirdi. Birinci, Qərb ailə modelinin Azərbaycan cəmiyyətinə, Şərq ailə modelinə sırınması vardı. Az qala belə bir rəy yaradılırdı ki, bundan sonra bütün  münasibətlər  sistemi  polisin və prokurorluğun nəzarəti altında olacaqdır. Ən adi məsələni psixoloji təsir və təhdid kimi qələmə verib ərdən şikayət eləmək olardı, çünki ötən dəfə qanun məhz kişi və qadın münasibətləri kontekstində şərh olunurdu. Onun üçün də deyilirdi ki, ailə sirlərinin artıq polisin, prokurorluğun ünvanlarına daşınması yaxşı hal olmayacaq. Biz, əlbəttə ki, cəmiyyətdə normal birgəyaşayış modelini bərqərar eləmək istəyirik və bu çox xoş məramdır. Amma bu xoş məramı həyata keçirərkən elə müddəalar verməliyik ki, o, həqiqətən də, buna səbəb olsun. Hər kəsə bəllidir ki,  nikahın ilk illərində insanların həyatında bu və ya digər problemlər  olur. Məhz həmin məsələni biz məhkəmənin, prokurorluğun predmetimi eləməliyik? Bu məsələ çox önəmlidir.
İkinci tərəfdən, mənim aləmimdə qanun təkrarlanan ictimai münasibətləri tənzimləyən normativ-hüquqi aktdır. Bu qanunlar ona görə meydana çıxır ki, zorakılıq faktları var. Bunu inkar eləmək mümkün deyil. Əgər olmasaydı, qanun bir-iki, ya beş faktı tənzimləməzdi. Amma bayaq dediyim kimi, qanun bu problemi həll eləməyəcək. Bizim özümüzün ənənələrimizdə bu məsələyə müəyyən yer var. Bəli, bizim Nigarımız da var, qadınların ön mövqedə vuruşmaları da var. Qadınlar Azərbaycan tarixinin mühüm bir hissəsi olublar. Bu gün də belədir, sabah da elə olacaq. Amma biz yeni doğulan qız uşaqlarına daha çox mətbəx oyuncaqlarını veririksə, onların ideologiyasını mətbəxə bağlayırıqsa, onlar gələcək perspektiv hədəflərini orada görürlər. Ona görə də  ənənələrimizin özündə bir çox şeylər dəyişməlidir. Yəni biz bir sıra hallarda xanım obrazını zəif götürdüyümüzdən Şərq ailələrində kişi dominantlığı üstünlük təşkil edir. Mənə elə gəlir, bizdə buna qarşı çıxan adamlar bunu ona görə etmirlər ki, Azərbaycanda qadın inqilabı baş verməlidir və onlar kişilərin həddən artıq dominantlığı, əsarəti altındadırlar. Azərbaycan xanımı öz ailə və cəmiyyət modelində kişilərlə normal, bərabərhüquqlu yaşamdadır, münasibətlərdədir. Amma Allah kişiləri, bayaq dediyimiz kimi, müəyyən məsələlərdə üstün yaradıb. Əgər bunlar müharibədə üstünlük təşkil edirlərsə, döyüşlərə daha çox qatılırlarsa, istər-istəməz idarəçilikdə də,  digər məsələlərdə də onların üstünlüyü...
Sədrlik edən. Valeh müəllim, buyurun.
V.Ələsgərov. Çox sağ olun. Bu qanun layihəsi ilə əlaqədar çox dəyərli fikirlər səsləndi. Mən müzakirəni bir balaca texniki istiqamətə yönəltmək istərdim. Dünən mən Rəbiyyət xanıma bəzi fikirlərimi söylədim. Lazım bildik ki, burada da bu fikirləri deyək.  4.0.1-ci maddədə yaxın qohum olan ailə üzvləri mötərizədə ailədə bir nəfər olduğu üçün yəqin, ər, arvad kimi qeyd olunub, sonra isə “valideynlər” yazılıb. Ailədə valid var, validə var. Ər-arvad, ata-ana. Ata və ana valideyndir, valideynlər atalar və analardır. Onda yazaq ki, ərlər, arvadlar, valideynlər, uşaqlar və sair. Valid atadır, validə anadır, valideyn ata və anadır. Xahiş edirəm, buna diqqət yetirəsiniz.
Sonra, burada “konfidensiallıq”  ifadəsi işlədilir. Mən dünən də, bundan öncə də bir neçə dəfə bunu demişəm. Bunu Azərbaycan dilində “məxfi” də, “gizli” də yazmaq olar. Mən bu sözün etimologiyası ilə bağlı geniş şəkildə danışmaq istəmirəm. Amma sözün etimologiyasına baxsanız, bu, “məxfi”  deməkdir. Ona görə də “konfidensiallığa riayət edilməsi” yerinə “məxfiliyə riayət edilməsi” yazılsa, yəqin ki, dilimizə də, mentalitetimizə də, ruhumuza da bir az uyğun gələr.
Bir də məni ən çox narahat eləyən dəfələrlə burada rast gəlinən  “psixi”, “psixiki” və buna bənzər sözlərdir.  Bunların əvəzinə birdəfəlik 1.0.1-ci maddədə yazıldığı kimi ifadə olunsa, yaxşı olar. 1.0.1-ci maddədə məişət zorakılığının  anlayışı verilib. Burada bütün məsələlər sadalanandan sonra qeyd olunur ki, fiziki və mənəvi zərərin vurulması ilə nəticələnən. Fiziki, mənəvi zərər vurula bilər, fiziki, mənəvi zorakılıq ola bilər. “Psixi” sözünün etimologiyasına girmək istəmirəm. Əgər bunu araşdırası olsaq, yenə də gəlib ona çıxacağıq ki, şüurlular arasında mənəvi təzyiq, mənəvi zorakılıq ola bilər. Xahişim ondan ibarətdir ki, “psixi”, “psixiki” sözlərinin əvəzinə fiziki və mənəvi təsir, təzyiq, zorakılıq yazılsa, daha uyğun olar, daha dəqiq olar.
Bir də girişdə yazılıb ki, bu qanun yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə törədilən zorakılığın, onun doğurduğu mənfi hüquqi, tibbi və sosial nəticələrin qarşısının alınması... Mənim fikrimcə, “hüquqi” sözü olan yerdə  bunların hamısı əhatə olunur. Bunun tibbi, ya sosial olduğu, yəqin, hüquqi müstəvidə ya məhkəmə, ya da başqa yolla həll olunur. Bunu başqa cür necə isbat eləmək olar? Xahiş edirəm, bu incəliklərə diqqət yetirəsiniz.  Bu qanun layihəsi çox gözəl hazırlanmışdır və əminəm ki, qəbul olunacaqdır. Yəqin ki, bu məsələlərə də diqqət artacaq, münasibət dəyişəcəkdir. Bu münasibətin dəyişməsi ailədə, məktəbdə, uşaq bağçasında tərbiyəyə də təsir edəcək və yeni insanlarımız gözəl Azərbaycanda yeni münasibətlər quracaqlar. Mən bu qanun layihəsinə səs verəcəyəm. Çox sağ olun. 
Sədrlik edən. Sağ olun, Valeh müəllim. Fəzail Ağamalı.
F.Ağamalı. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Bundan öncə bu qanun layihəsi müzakirəyə çıxarılanda onun əsas əleyhdarlarından biri də mən idim. Bunun səbəbi var idi. Səbəbi də ondan ibarət idi ki, qanun başqa şəkildə tətbiq olunurdu. Belə çıxırdı ki,  faktiki olaraq bu, Azərbaycanda kişilərin hüquqlarını tamamilə ortadan qaldırmağa və qadınların imkanlarını yüksəltməyə xidmət eləyən bir qanundur. Təqdimatda elə idi. Qanunun bir sıra müddəalarında da bu cür fikirlər kifayət qədər arqumentləşdirilmişdi. İndi yaxşı ki, hörmətli həmkarımız Rəbiyyət xanımın təqdimatı çox normal, hərtərəfli oldu. Əsaslandırılmış şəkildə deyildi ki, bu, Azərbaycanda cinsindən asılı olmayaraq bütün insanlara tətbiq edilmiş olan zorakılığın aradan qaldırılmasına xidmət eləyən bir qanundur. Bunun fəlsəfəsində də bu dayanır və burada bizim çox hörmətli qadın həmkarlarımızın məsələləri qadın hüquqları müstəvisində quraraq hər şeyi  tünd rəngdə qeyd etmələri,  əlbəttə, məndə təəssüf doğurdu. Tamamilə bunun əleyhinəyəm.
Elə faktlar var ki, orada kişilərin hüquqları qadınlarınkından az pozulmur. Xüsusi olaraq fiziki, psixi məsələlərdə belə faktlar da var. Siyavuş müəllimin dediyi kimi, indi biz statistika aparaq, görək mətbəxlərdə neçə kişinin başına kəfkir dəyib. Ya da elə faktlar da var ki, kişini dəli etmək səviyyəsinə qədər  bezdirib, axırda o da pencəyini götürüb evdən gedib. Belə hallar da var. Ona görə məsələyə bu cür dar şəkildə yanaşmaq olmaz. Mənə elə gəlir, burada məsələ cəmiyyətin bütün tərəfləri nəzərə alınmaqla qoyulur ki, qadınlar da, kişilər də, uşaqlar da məişət zorakılığına məruz qalmasınlar. Bu baxımdan qanunu konseptual baxımdan qəbul edirəm və düşünürəm ki, qanunun fəlsəfəsi  bundan ibarətdir.
Burada, doğrudan da, Azərbaycanla bağlı problem var? Düşünürəm ki, yoxdur. Burada söylənildi, dünən hörmətli həmkarımız Mehriban xanım Avropa Şurasının rəsmiləri qarşısında konkret arqument və faktlarla sübut etdi ki, Azərbaycanda hər zaman gender bərabərliyi olub. 1918-ci ildə Azərbaycanda demokratik respublika yarandığı zaman qadınların səsvermə hüququ təmin olunub. Avropada, Amerikada bundan 50 il sonra qadınlara həmin hüquqları veriblər. Yəni Azərbaycanda o problem olmayıb. Azərbaycanda həmişə qadına, anaya çox böyük hörmət, çox böyük rəğbət formalaşıb. Bu, nəsillərdən gəlib. Bu, ata-babalarımızın hamımıza verdiyi tərbiyədir və bu gün Azərbaycan cəmiyyəti bu tərbiyə ilə də yaşayır. Təsadüfi deyil ki, məhz bu cür adət-ənənə üzərində qurulan Azərbaycan ailələri dünyada ən ciddi, möhkəm ailələrdən hesab olunurlar. Azərbaycanda boşanma faktları digər ölkələrə nisbətən daha azdır. Mən düşünürəm ki, buna xüsusi və başqa yöndə izah verməyə ehtiyac yoxdur. Bir daha təkrar edirəm, bu qanunun qəbul edilməsinə ehtiyac var.
Xüsusi olaraq demək istəyirəm ki, mənim diqqətimi daha çox cəlb eləyən üçüncü fəsildə qoyulan məsələlər oldu, çünki burada zorakılığın qarşısının alınmasının bütün tərəfləri ifadə olunub. Əslində, mənə elə gəlir ki,  bu qanunun tətbiqində başlıca məqsəd məhz profilaktik tədbirlər aparmaq, məişət zorakılığının baş verməsinə imkan verməməkdir. Düşünürəm ki, qanun həm də bu baxımdan diqqəti cəlb edir. Mən bu qanun layihəsinə səs verəcəyəm və ümidvaram ki,  hörmətli həmkarlarımın hər biri buna müsbət münasibət bildirəcək. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Fəzail müəllim. Mən də hesab edirəm ki, hörmətli qadın deputatlarımız bu qanun layihəsinə həddindən artıq feminist nöqteyi-nəzərdən yanaşmasınlar. Buyurun, Aynur Quliyeva.  
A.Quliyeva. Çox sağ olun. Hörmətli sədarət, hörmətli həmkarlar! Mən də bu qanun layihəsini hazırlayan müvafiq komitələrə öz təşəkkürümü bildirirəm və hesab edirəm ki, bu çox vacib və lazımlı qanun layihəsidir. Biz bu qanun layihəsini, yəqin ki, qəbul eləyəcəyik. Məndən öncə çıxış eləyən həmkarlarım qadın probleminin daha çox qabardılmasından narahatlıqlarını ifadə elədilər. Amma mən düşünürəm ki, bu çox məntiqlidir. Ona görə ki, dünyada, o cümlədən Azərbaycanda məişət zorakılığına daha çox qadınlar məruz qalırlar. Məsələn, mən rəsmi statistikanı sizin nəzərinizə çatdıra bilərəm. Bu, Daxili İşlər Nazirliyinin statistikasıdır. 2007-ci ilin əvvəlindən 2009-cu ilin oktyabrınadək, yəni 3 ilə yaxın bir müddət ərzində Azərbaycanda qadınlara qarşı 17 min 354 cinayət hadisəsi baş verib. Bu cinayətlərin 11 min 389-u şəxsiyyət əleyhinə olub. Mənə elə gəlir ki, bu bizə narahatçılıq üçün kifayət qədər əsaslar verir.
Amma mən bir məsələyə xüsusi diqqət yönəltmək istəyirəm. Bu da Azərbaycanda qız uşaqlarının təhsili məsələsidir. Biz əgər araşdırsaq və monitorinq etsək, görərik ki, daha çox savadsız qadınlar məişət zorakılığına məruz  qalırlar. Təhsilsizdirlər, işləməyə yer yoxdur və onlar iqtisadi cəhətdən kişidən asılı vəziyyətdədirlər. Ailə qurarkən onların rəsmi nikahları olmur, erkən yaşda ərə verilirlər. Bu baxımdan da onlar özlərini bu zorakılığa dözməyə məhkum edirlər. Düşünürəm ki, biz əgər təhsil zorakılığı ilə məişət zorakılığı məsələsini müzakirə eləyib məntiqi nəticəyə gəlməsək, bu problem öz həllini tapmayacaq. Bəlkə də böyük şəhərlərimizdə – Bakıda, Sumqayıtda vəziyyət fərqlidir. Amma əyalətə,   ucqar kəndlərimizə getsək, görərik ki, yuxarı siniflərdə qız uşaqları tapmaq çox çətin bir məsələyə dönüb. Valideynlər erkən yaşda qızları ərə verirlər və hesab edirlər ki, bununla da onlar yükdən xilas olurlar. Amma anlamırlar ki, problemi bu cür həll etməklə daha böyük yanlışa yol verirlər, çünki problem daha xoşagəlməz bir formada onların üstünə qayıdır. Bu baxımdan da düşünürəm ki, Məişət zorakılığının qarşısının alınması haqqında qanunu qəbul etməklə biz qızlarımızın təhsil məsələsini də çox ciddi şəkildə qabartmalıyıq və bu məsələdə kütləvi informasiya vasitələrinin rolundan çox geniş istifadə eləməliyik. Maarifləndirmə işlərinin aparılmasına çox geniş ehtiyac var.
Eyni zamanda, düşünürəm ki, ümumiyyətlə, Azərbaycan cəmiyyətində, Azərbaycanın ictimai-siyasi həyatında qadınların rolunu, iştirakını və əhəmiyyətini artıq qəbul eləmək lazımdır. Hörmətli həmkarımız, ölkənin birinci xanımı Mehriban xanımın fəaliyyəti ilə biz bunun şahidi olmuşuq ki, Azərbaycan qadını siyasətə gəlirsə və bu prosesdə çox ciddi və fəal şəkildə iştirak edirsə, bundan həm Azərbaycan cəmiyyəti, həm də Azərbaycan dövləti çox şey qazanır. Çünki bilirik ki, Azərbaycanda ölkə əhalisinin yarıdan çoxu qadınlardır. Bu çox böyük bir güc deməkdir.  Hətta mən düşünürəm ki, Azərbaycanda istənilən seçkinin nəticələrini  bir seçici olaraq qadınlar həll edirlər. Bu gün bu gücü görməmək və ya görməzlikdən gəlmək, onunla hesablaşmamaq ölkənin inkişafını əngəlləyən bir məsələ olardı. Ona görə də mən bütün həmkarlarımı bu qanuna səs verməyə çağırıram. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Əli müəllim, Sizin yerinizə Qənirə xanım danışacaq. Qənirə xanım, buyurun.
Q.Paşayeva. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Bu gün mən çox sevinirəm ki, nəhayət, biz bu qanun layihəsini müzakirə edib  qəbul edəcəyik. Dünyanın elə bir ölkəsi yoxdur ki, orada məişət zorakılığı olmasın. Elə ölkələr var ki, orada geniş yayılıb, elə ölkələr də var ki, az yayılıb. Amma ən önəmlisi ondan ibarətdir ki, dünyada bu məsələyə baxışda iki qütb var. Bu qütbün biri qaranlıqdır. O qaranlıq mühitdə problemləri görmək istəmirlər və çeşidli bəhanələr gətirərək bunun qarşısının alınmasına imkan vermirlər. Bir də, dünyanın işıqlı tərəfi var. Onlar bu faizləri heç müzakirə də etmirlər. “Əgər bu varsa, ona qarşı mübarizə aparılmalıdır” – deyib qanun da qəbul edirlər. Qanunu da çox sürətli şəkildə tətbiq edirlər. Mən çox sevinirəm ki, biz dünyanın  işıqlı tərəfindəyik və bu gün bu qanunu müzakirə edirik. Bu qanunun qəbul edilməsi və həyata keçirilməsi üçün hamımız əlimizdən gələni edəcəyik.
Mənim yadımdadır, müzakirələr zamanı mənim həmkarlarımdan biri zarafatla dedi ki, Qənirə xanım, axı siz qadınlar bu qanun layihəsindən nə istəyirsiniz? Onda mən dedim ki, biz bu qanun layihəsi ilə təkcə qadınlar üçün deyil, bütün cəmiyyətimiz üçün gözəl işlər istəyirik. Söhbət ondan ibarətdir ki, dünyada özünə hörmət edən bir insan, – fərqi yoxdur, o qadındır, ya kişidir, –  məişət, ailədaxili zorakılığın yanında ola bilməz. Mən çox sevinirəm ki, biz özünə hörmət edən bir millətin nümayəndələri olaraq bu gün bu qanun layihəsini müzakirə edirik və qəbul edəcəyik.
Burada heç kəs narahat olmamalıdır. Bəzən mən kişilərdəki bu narahatlığı normal qəbul etmirəm. Niyə qadınlar məsələsini qabardırsınız? Axı təkcə Azərbaycanda belə deyil. Dünyanın hər yerində məişət zorakılığında xüsusi çəki qadınların üzərinə düşür. Bu, bütün dünyada belədir və Azərbaycan da bundan istisna deyil. Bizdə də məişət zorakılığında xüsusi çəki qadınların üzərinə düşür. Axı bu qadınlar həm də bu kişilərin qızlarıdır, həyat yoldaşlarıdır. Ona görə biz heç zaman “niyə qadınları xüsusi qabardırsınız” fikrini deməməliyik.
Mən də çox istəyirəm ki, bu qanun layihəsi qəbul olunan kimi  qüvvəyə minsin. Bu heç cür ailəyə müdaxilə demək deyil. Biz onu nəzərə almalıyıq ki, ailədəki zorakılıq sonra cəmiyyətdə zorakılığın artmasına çevrilir. Ailədə uşaqlar böyüyürlər. O uşaqlar görürlər ki, ailədə güclü gücsüzə təzyiq edə bilir. O düşüncə ilə böyüyən uşaq sabah onu cəmiyyətdə davam etdirəcək. Ona görə də biz, əslində, ailəyə müdaxilə etmirik, ailə ənənələrimizi möhkəmləndiririk. Ənənələrimizi həm də ona görə möhkəmləndiririk ki, bu insanın haqqını müdafiə edirik. Ailənin hər bir üzvü həm də insandır, onun haqqı müdafiə olunmalıdır. Hətta ailədə belə  o insanın haqqı tapdalanırsa, dövlət öz vətəndaşı olaraq onun haqqını müdafiə etməlidir. Ona görə də söhbət, təbii ki, məişət zorakılığında haqqı tapdalanan vətəndaşlardan gedir.
Mən çox sevinirəm ki, burada yardım mərkəzləri öz əksini tapıb. Çünki çox çətin vəziyyətdə olan qadınlar, insanlar var. Əgər bir kişi xanımının yardım mərkəzinə getməsini qüruruna sıxışdırmırsa, o zaman problemi evində həll etməlidir. Evində problemi həll etməlidir ki, xanımı o vəziyyətə düşməsin. Bəs o qadın uşaqları ilə hara getməlidir? Hansımız onu  hara yerləşdirə bilərik? Təbii ki, bunu dövlət etməlidir. Mən çox sevinirəm ki, bu, qanun layihəsində öz əksini tapıb və biz bu mərkəzləri quracağıq. Bu mərkəzlər təkcə sığınacaq yuvası olmayacaq, ailələrimizə psixoloji yardım göstərəcək. Bəlkə o ailələrə  zamanında kömək etmək mümkündür. Biz buna bir az da pozitiv tərəfdən baxaq və...
Sədrlik edən. Çox təşəkkür edirəm. Bayaq yadınızdadırsa, mən sizdən xahiş etdim ki, Azərbaycanda olan vəziyyəti çox da dramatikləşdirmək, qara rəngdə vermək lazım deyil. İndi sözümün təsdiqi olaraq mənə çox maraqlı bir məlumat verdilər. Mən istəyirəm, onu sizə çatdıram. Birləşmiş Millətlər Təşkilatının qadınlara qarşı zorakılıq haqqında 2009-cu ildəki hesabatına əsasən, hər 100 min qadına nisbətdə fiziki zorakılığa məruz qalmış qadınların sayı Slovakiyada 67,8 nəfər, Avstraliyada 48 nəfər, Finlandiyada 43,5 nəfər, Almaniyada 37 nəfər, Misirdə 35 nəfər, Hindistanda və Rusiya Federasiyasında 21 nəfər, İtaliyada 18,8 nəfər, Polşada 18,1 nəfər, Türkiyədə 18 nəfər təşkil edir. Bu rəqəm Azərbaycanda 13,3 nəfərə bərabərdir. Buyurun, bu sizin fəxr etdiyiniz qabaqcıl Avropa ölkələri, bu da Azərbaycan. Bax, bu, BMT-nin sənədidir. Ona görə xahiş edirəm, danışanda, həmişə demişəm, faktla, arqumentlə, əsaslandırılmış şəkildə danışın.
Deyirsiniz ki, qızlarımızı  8-ci sinifdən ərə verirlər. Bu, ümumi sözlərdir. Mən cənub regionundan,  Lənkəran–Astara zonasından seçilmiş deputatam. Getdiyim məktəblərin 10-cu sinfində qızlar da var, oğlanlar da. Dəfələrlə maraqlanmışam, soruşmuşam ki, ay qızım, ay balam, sizə evdə belə təzyiq olurmu? Heç kim mənə narazılığını bildirmir. Haradan götürürsünüz bu rəqəmləri, mən bilmirəm. Amma BMT sizdən yaxşı işləyir. Hesab edirəm ki, BMT-nin sənədində qeyd olunan bu rəqəmlərdən sonra qanun layihəsinə münasibət bildirək, birinci oxunuşda qəbul edək. İkinci oxunuşda müəyyən  düzəlişlər olarsa, biz bunu  müzakirə edərik. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri   (saat 13.58 dəq.)
Lehinə  101
Əleyhinə  2
Bitərəf  0
Səs vermədi  1
İştirak edir  104
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun. Saat 4-ə qədər fasilə.

 (FASİLƏDƏN SONRA)

Sədrlik edən. Gündəliyin növbəti məsələsi Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsinin icrası haqqında qanun layihəsidir. Bu barədə İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məruzə edəcək. Buyurun, Ziyad müəllim.
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri.
Çox sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsinin icrası haqqında qanun layihəsi və 2009-cu il dövlət büdcəsinin icrasına dair hesabat “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Milli Məclisə təqdim edilmişdir.
Mühüm faktdır ki, ölkədə dövlət büdcəsinin icrasının müzakirəsi cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi həyatında vacib hadisə kimi qiymətləndirilir. İqtisadi siyasət komitəsində 2009-cu il dövlət büdcəsinin icrası haqqında Azərbaycan Respublikası qanunu layihəsinin müzakirəsi zamanı bir daha vurğulandı ki, son illər ölkəmizin dinamik inkişafını təmin edən amillərdən biri ölkənin maliyyə imkanlarının genişlənməsi və onlardan səmərəli istifadə edilməsi, ali maliyyə-iqtisadi sənədi sayılan dövlət büdcəsinin sosial-iqtisadi tərəqqidə rolunun artmasıdır.
Prezident İlham Əliyevin çıxışlarında 2009-cu ildə ölkənin makroiqtisadi vəziyyəti barədə əsaslı məlumatlar öz əksini tapmış, iqtisadi inkişafın prioritet istiqamətləri, onların reallaşmasında dövlət büdcəsinin rolu haqqında ümumiləşdirici, strateji əhəmiyyət kəsb edən fikirlər söylənilmişdir. 2009-cu ildə Azərbaycan dünya böhranına ən az məruz qalan ölkə kimi nüfuz qazanmışdır. Bunu 2009-cu ilin makroiqtisadi göstəriciləri, büdcənin parametrləri barədə sizə verilən məlumatlar, materiallar bir daha təsdiq edir.
Hörmətli millət vəkilləri! Dövlət büdcəsinin icrası haqqında Milli Məclisə təqdim edilən qanun layihəsi öz dolğunluğu, əhatəliyi və keyfiyyətli məzmunu ilə fərqlənir. Qanun layihəsi “Büdcə sistemi haqqında” Qanunun tələblərinə uyğun professional səviyyədə hazırlanıb, bir il ərzində hökumət, Maliyyə Nazirliyi tərəfindən büdcənin icrası ilə bağlı bütün əsas məsələləri əhatə edir və kifayət qədər kompleks təhlil aparmağa şərait yaradır. Dövlət büdcəsinin icrası barədə təqdim olunmuş qanun layihəsi əyani sübut edir ki, dövlətin maliyyə resurslarının istifadəsində şəffaflıq amilinə xüsusi fikir verilir və bu iş ildən-ilə daha geniş vüsət alır. Hökumət, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, İqtisadi İnkişaf Nazirliyi, Mərkəzi Bank, Kənd Təsərrüfatı Nazirliyi və digər nazirliklər büdcənin formalaşması və icrasında iştirak edən digər qurumlarla birlikdə dövlət başçısının tapşırıqlarını əsas tutaraq dünya maliyyə böhranı şəraitində dünya iqtisadiyyatında gedən qlobal prosesləri diqqətlə izləmiş və böhranın ölkə iqtisadiyyatına təsirini azaltmaq üçün qabaqlayıcı tədbirlər görmüşlər. Milli Məclis tərəfindən qəbul edilmiş bir sıra qanunlar, mövcud qanunlara əlavə və dəyişikliklər (“Dövlət borcu haqqında”, “Büdcə sistemi haqqında”, “Əmanətlərin sığortalanması haqqında”) səmərəliyin artmasına öz müsbət təsirini göstərmişdir. Bütün bunlar barədə İqtisadi siyasət komitəsinin iclasında ətraflı fikir mübadiləsi aparıldı. 
Müzakirə zamanı millət vəkilləri Maliyyə Nazirliyi, hökumət  tərəfindən təqdim edilmiş materiallarda ölkədəki iqtisadi mühiti, makroiqtisadi göstəricilərin müsbət, obyektiv qiymətləndirilməsini xüsusi olaraq qeyd etdilər.  Həqiqətən də, 2009-cu ildə də real sektorun inkişafı, investisiya proqramları üzrə prioritetlərin müəyyənləşdirilməsi, sahibkarlara verilən güzəştli kreditlərin həcminin artırılması, qeyri-neft sektorunun inkişafı, əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsi, ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində işlər daha geniş miqyasda davam etdirilmişdir. Sahibkarlığın inkişaf etdirilməsi, onun vergi yükünün azaldılması məqsədi ilə Vergilər Nazirliyi tərəfindən görülən sistemli tədbirlər, mənfəət vergisinin dərəcəsinin 22 faizdən 20 faizə, fiziki şəxslərdən gəlir vergisinin maksimal həddinin 35 faizdən 30 faizə, fərdi sahibkarlar üçün isə 35 faizdən 20 faizə endirilməsi müsbət nəticəsini göstərmişdir. 
Milli Məclisdə 2009-cu ilin dövlət büdcəsi təsdiq edilərkən 1 barel neftin qiyməti 70 dollar müəyyən edilmişdi. Amma dünya bazarında neftin qiyməti sürətlə aşağı düşməkdə davam edirdi. Nəticədə 2009-cu ildə neftin orta illik qiyməti 62,1 dollar olmuşdur. Təbii ki, bu, ölkənin valyuta ehtiyatlarına, ticarət dövriyyəsinə mənfi təsir etmişdir. Yəni hər iki amil çox ciddidir və əksər neft ixrac edən ölkələr, eləcə də başqaları bu mərhələni çox ağır keçirdilər. Bundan əlavə ölkədən borc öhdəlikləri ilə bağlı xeyli kapital çıxdı ki, bu barədə də  hörmətli maliyyə naziri Samir müəllim, yəqin ki, məlumat verəcəkdir. Amma qeyri-neft sektorunun inkişafı, infrastruktur layihələrinin reallaşması, sahibkarlığa dövlət dəstəyinin artması iqtisadiyyatın dinamikliyinin pozulmasının qarşısını aldı. Əhalinin pul gəlirlərinin artması və onun inflyasiyanın artmasından bir neçə dəfə yüksək olması təmin edildi. Məhz belə yanaşmanın nəticəsidir ki, 2009-cu ildə dövlət büdcəsinin ümumi daxili məhsulda xüsusi çəkisi 2008-ci illə müqayisədə artaraq 29,9 faiz təşkil etmişdir.
Dünya iqtisadiyyatında baş verən çox ağır proseslərə baxmayaraq, Azərbaycan iqtisadiyyatı yenə də liderliyini qoruyub saxlamış və böhrana qarşı münasibətdə dayanıqlılıq göstərmişdir. Düşünülmüş iqtisadi siyasətin uğurlu nəticələrinə görə dünyanın tanınmış Beynəlxalq Reytinq Agentliyi Azərbaycanın iqtisadi inkişafını yüksək kredit reytinqi kimi qiymətləndirmişdir. Bu barədə hörmətli maliyyə naziri, Mübariz Qurbanlı və mənim iştirakımla   mətbuata ətraflı açıqlama verilmişdir. 2009-cu ildə ümumi daxili məhsulun real artım tempi 2008-ci illə müqayisədə 9,3 faiz, onun adambaşına düşən həcmi isə 7,9 faiz artmışdır. Müqayisə üçün onu qeyd etmək istərdim ki, ümumi daxili məhsulun artımı Fransada – 2,2 faiz, Böyük Britaniyada  – 4,9 faiz, Almaniya və İtaliyada – 5,0 faiz, Estoniyada – 14,1 faiz, Ermənistanda – 14,4 faiz olmuşdur. Yəni dünyanın əksər ölkələrində 2009-cu ildə ümumi daxili məhsul nəinki artmış, əksinə, xeyli dərəcədə azalmışdır.  Neft ixrac edən ölkələrdə, məsələn, Səudiyyə Ərəbistanında ümumi daxili məhsulun artımı cəmi 0,1 faiz, İranda 1,8 faiz olmuşdur. Norveçdə, ABŞ-da, Venesuelada və digər  neft ixrac edən ölkələrdə isə azalmışdır. Bu da bir daha göstərir ki, bəzən bizim bütün uğurlarımızı neft faktoru ilə əlaqələndirənlər yanılırlar.
Dövlət büdcəsinin icrası zamanı əsas diqqət yetirilməli olan məqam büdcə gəlirləri və xərclərinin kompleks təhlilidir. Son illərdə dinamik inkişaf yoluna qədəm qoymuş Azərbaycan Respublikasının maliyyə imkanları xeyli genişlənmiş, büdcə gəlirləri üzrə proqnozların müntəzəm olaraq yerinə yetirilməsi təmin edilmişdir. Lakin məlum obyektiv səbəblərlə əlaqədar olaraq 2009-cu il istisna təşkil edir. Bu barədə, yəqin ki, hörmətli maliyyə naziri Samir müəllim və Hesablama Palatasının sədri hörmətli Heydər müəllim  məlumat verəcəklər. Ona görə də İqtisadi siyasət komitəsində büdcənin icrasının müzakirəsi zamanı səslənən bir sıra prinsipial məsələləri qeyd etmək istərdim. Son illər, xüsusilə də 2009-cu ildə büdcə daxilolmalarının strukturu bir sıra spesifik xüsusiyyətlərlə xarakterizə olunur. Bu da Azərbaycan iqtisadiyyatının davamlı inkişafını təmin etmək zəruriliyi və ölkənin maliyyə resurslarının formalaşmasını müəyyən edən amillərlə əlaqədardır. 2009-cu il dövlət büdcəsinin gəlirləri proqnoza nisbətən 15,2 faiz, 2008-ci illə müqayisədə 4,1 faiz olmuşdur. Büdcə gəlirlərinin icrasında kəsirin yaranmasının obyektiv səbəbləri var və bu barədə hökumətin təqdim etdiyi hesabatda və millət vəkillərinə paylanılan Hesablama Palatasının rəyində ətraflı məlumatlar verilmişdir. Hasilatın 12,9 milyon ton, neftin qiymətinin yuxarıda qeyd olunduğu kimi aşağı düşməsi, təbii olaraq, neft amili hesabına büdcə daxilolmalarının miqdarına təsir etmişdir.
Böhranın təsiri kimi xarici investorlar ölkəmizin dövlət istiqrazları bazarından ümumi bazarın 60 faizi səviyyəsində, bank sistemindən isə ümumi bank sisteminin valyutada aktivlərinin 20 faizdən artıq vəsaitini xaricə çıxarmışlar. Bütün bunlara baxmayaraq, 2009-cu il üçün nəzərdə tutulmuş əsas strateji məqsədlərə nail olunmuşdur. Görülmüş qabaqlayıcı tədbirlər nəticəsində əhalinin əmanətləri 22,7 faiz, pul gəlirləri 8,0 faiz, adambaşına düşən gəlirləri isə 6,7 faiz artmış, inflyasiya isə cəmi 1,5 faiz olmuşdur. Böhranın təsirlərinə baxmayaraq, dövlətin məcmu valyuta ehtiyatlarının davamlı artımı təmin edilmiş və onların ümumi həcmi 2010-cu il 1 yanvar tarixinə 20  milyard ABŞ dollarını ötmüşdür.
İqtisadi siyasət komitəsi belə hesab edir ki, sahibkarlığa və regionların inkişafına diqqətin daha da artırılması, imkanlardan səmərəli istifadə olunması, heç şübhəsiz ki, regionların aqrar sektorunun büdcə gəlirinin formalaşmasında rolunun artmasına təkan verəcəkdir. 
2009-cu ildə kənd təsərrüfatının dövlət tərəfindən dəstəklənməsi, subsidiyaların və dotasiyaların verilməsi davam etdirilmişdir. Bu istiqamətdə son vaxtlar görülən tədbirlər, şübhəsiz ki, öz müsbət təsirini verir, kənddə həyat canlanır və aqrar sektorun kəndin sosial-iqtisadi inkişafına təsiri güclənir. Hökumət Prezident İlham Əliyevin göstərişlərini əsas tutaraq təsərrüfatlara maliyyə-kredit, lizinq xidmətinin yaxşılaşdırılması istiqamətində konkret işlər görür. Əlbəttə, aqrar sektora dövlət qayğısı bundan sonra da artırılmalı, ilk növbədə yerli istehsalın inkişafı üçün mövcud olan imkanlar araşdırılmalı, sahibkarlara mane olan əngəllər aradan qaldırılmalı, ərzaq təhlükəsizliyi ilə bağlı proqramın yerinə yetirilməsi istiqamətində işlər gücləndirilməlidir.
2009-cu ilin dövlət büdcəsində sahibkarlığın inkişafı ilə bağlı xərclərin maliyyələşdirilməsi məqsədi ilə Sahibkarlığa Kömək Milli Fonduna 74,1 milyon manat vəsait ayrılmış və tam istifadə olunmuşdur.  2002–2009-cu illərdə Sahibkarlığa Kömək Milli Fonduna 364 milyon manat vəsait ayrılmışdır. O vəsaitlərin qaytarılmasını nəzərə alsaq, artıq 2010-cu ilin sonuna fondun kredit portfelinin təqribən 570–580 milyon manat olacağı barədə artıq obyektiv fikirlər söyləmək olar. Bu isə Azərbaycan kəndinin, Azərbaycanda sahibkarlığın inkişafı üçün, şübhəsiz ki, yeni imkanlar açacaqdır.  
2009-cu il 1 oktyabr tarixinə təbii qazdan istifadə üzrə yaranmış 327 milyon manat məbləğində borcların silinməsi də aztəminatlı əhalinin həyat səviyyəsinin yaxşılaşmasına öz müsbət təsirini göstərdi. Yoxsulluğun həddi 2009-cu ildə 2,2 faiz azalaraq 11,0 faiz təşkil etmişdir.  2009-cu ildə dövlət başçısının təşəbbüsü ilə “Mərkəzi Bank haqqında” Qanuna edilən dəyişikliklər, real sektora məqsədli kreditlərin verilməsi mexanizminin təkmilləşdirilməsi, bir sıra böyük müəssisələrin maliyyə dəstəyi almaları, bankın uçot dərəcəsinin mərhələlərlə aşağı endirilməsi, ümumiyyətlə, çevik pul-kredit siyasəti, manatın məzənnəsinin qorunub saxlanılması nəticəsində bank sektorunda dünyanın əksər ölkələrində olan sarsıntılar baş vermədi, xarici öhdəliklərlə bağlı heç bir problem yaranmadı. Bütün bunlar onu göstərir ki, 2009-cu ildə dövlət başçısı qloballaşan dünya iqtisadiyyatında baş verən böhranları nəzərə alaraq obyektiv araşdırmalar apardı və böhranın Azərbaycan iqtisadiyyatına təsirini azaltmaq üçün sistemli tədbirlər həyata keçirdi.
2009-cu ilin büdcəsinin xərcləri proqnoza qarşı 85,0 faiz icra edilmişdir. Ümumi daxili məhsulda dövlət büdcəsi xərclərinin xüsusi çəkisi 30,4 faiz təşkil etməklə 2008-ci illə müqayisədə bu artım 3,6 faiz təşkil etmişdir. Təkcə bu fakt bir daha göstərir ki, Azərbaycan dövlətinin apardığı siyasət birmənalı şəkildə dövlətin sosial-iqtisadi proqramlarının  həyata keçirilməsinə yönəlmişdir və dövlətin iqtisadiyyatı çox çevik, mülayim şəkildə tənzimləməsini xarakterizə edir. Dövlət büdcəsi xərclərinin 55,3 faizi cari xərclərə yönəldilmişdir ki, bu da 2008-ci illə müqayisədə 5,9 faiz çoxdur.
2009-cu il dövlət büdcəsi gəlirlərinin icrası ilə bağlı yarana biləcək gərginliyin aradan qaldırılması məqsədi ilə 2009-cu ilin büdcəsinin bir sıra xərc maddələri üzrə (müdafiə olunmuş xərclər istisna olmaqla) 75 milyon manat ixtisara salınmışdır.  Bu tədbirlərin davamı olaraq icrasına ötən illərdə başlanılmış tədbirlər və ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edən layihələr saxlanılmaqla, 1,2 milyard manat vəsaitə qənaət olunmuşdur. Qeyd olunanlarla yanaşı, dövlət büdcəsi vəsaitlərindən istifadə üzrə nəzarətin səmərəliyi artırılmış,  nəticədə 2009-cu ildə dövlət büdcəsinin xərcləri üzrə 1,8 milyard manata qənaət olunmuşdur.
Mən məlumat vermək istəyirəm ki, İqtisadi siyasət komitəsində də  bu barədə danışıldı. Həqiqətən, Nazirlər Kabinetinin müvafiq sərəncamının hazırlanması ağır nəticələr olması imkanını aradan qaldırdı.
Ölkənin investisiya xərcləri  daha ətraflı təhlil  edilmiş, vacib layihələrin reallaşması ön plana çəkilmişdir. Dövlətin investisiya siyasətinin 2009-cu il üzrə bəzi parametrlərini qeyd edək. Azərbaycan MDB məkanında iqtisadiyyata güclü investisiya yönəltmək imkanına malik olan ölkə kimi tanınır. 2009-cu ildə bütün maliyyə mənbələri üzrə bu rəqəm 7,4 milyard manat təşkil etmişdir. Maraqlı cəhət bundan ibarətdir ki, Azərbaycanın maliyyə imkanları artdıqca, ölkənin iqtisadi inkişafı gücləndikcə daxili mənbələr hesabına qoyulan investisiyalar artmaqda davam edir. Hazırda bütün investisiyaların 79,9 faizi daxili investisiyaların payına düşür. Amma xatırlayırsınızsa, müstəqilliyin ilk illərində, hətta ötən əsrin axırlarında daxili investisiyalar bütün iqtisadiyyata cəlb edilmiş investisiyaların çox cüzi bir hissəsini təşkil edirdi. Cəmi investisiyalarda dövlət sektoru 59,9 faiz, qeyri-dövlət sektoru 40,1 faiz təşkil edir. Onu da nəzərə almalıyıq ki, dövlət sektorunda yüksək fond tutumlu sahələr üstünlük təşkil edir və onların məşğulluq probleminin həllində rolu özəl sektora nisbətən azdır. Lakin buna baxmayaraq, Azərbaycan dövləti məşğulluq problemini ön plana çəkir və bu məsələnin həllində dövlət büdcəsindən vacib bir alət kimi istifadə edir. İnvestisiyaların 41 faizi sənayenin, 3,4 faizi kənd təsərrüfatının, 2,7 faizi ticarət və digər xidmətlərin, 23,5 faizi nəqliyyatın, 1,9 faizi rabitənin və digər sahələrin payına düşür.
Hökumət investisiya layihələrinin sahələr, o cümlədən sosial təyinatlı layihələr üzrə büdcə vəsaitlərinin icrasında da iqtisadiyyatın ahəngdar fəaliyyətini təmin etməyi, riskləri azaltmaq tədbirlərini ön plana çəkir. Bu gün Azərbaycanda investisiyaların qoyuluşu gələcək üçün çox möhkəm  baza yaradır. Gələcəkdə sənayeyə ayrılan investisiyaların xeyli hissəsi sənayenin öz daxilində yüksək əmək tutumluğuna, innovasiyalı iqtisadiyyatı təmin edən sahələrə yönəldiləcəkdir. 
Məhz bunun nəticəsidir ki, dövlət əsaslı vəsait qoyuluşu büdcə xərclərində proqnozla müqayisədə 38,3 faizdən 33,9 faizə enmiş, ümumilikdə 75 faiz icra olunmuşdur.
2009-cu il dövlət büdcəsi xərclərinin 34,1 faizi sosial təyinatlı xərclərin maliyyələşdirilməsinə yönəldilmişdir ki, bu da 2008-ci il üzrə müvafiq göstəricidən 6,6 faiz çoxdur. Təhsil sahəsində dövlət proqramları və tədbirləri üzrə nəzərdə tutulmuş vəzifələrin icrasının həyata keçirilməsi sahəsində xeyli nailiyyətlər əldə edilmişdir. Mən sizin vaxtınızı almaq istəmirəm və sizə təqdim edilən materiallarda bu öz əksini tapıb və hörmətli Samir müəllimin məruzəsində, yəqin ki, bu barədə ətraflı bəhs ediləcəkdir.
Dövlət büdcəsinin icrası barədə danışanda dövlətimiz tərəfindən səhiyyəyə, insanların sağlamlığına göstərilən qayğını xüsusilə qeyd etmək lazımdır. Hesabatda bu barədə də kifayət qədər məlumat verilmişdir. Səhiyyə sistemi yeniləşir, onun maddi-texniki bazası möhkəmlənir, bir sıra məqsədli proqramlar həyata keçirilir ki, bütün bunlar Azərbaycan səhiyyəsinin dünya səviyyəsinə çıxması üçün gözəl şərait yaradır. 
2009-cu ildə yol-nəqliyyat sektoru üzrə ayrılmış vəsaitin 972 milyon manatı Nəqliyyat Nazirliyi tərəfindən istifadə edilərək, ilk növbədə Azərbaycanda bu mühüm sahənin maddi-texniki bazasının təkmilləşdirilməsinə, yeni yolların salınmasına yönəldilmişdir. Bütövlükdə görülən işlər Azərbaycanda nəqliyyat sisteminin dünya standartlarına uyğun qurulmasına imkan verir.
Hörmətli sədarət, hörmətli millət vəkilləri! Dünya böhranı bir çox ölkələrin borclanma siyasətində də boşluqların, risklərin yüksək olmasını əyani surətdə göstərdi. Respublikamız bu sahədə də   etibarlı bir tərəfdaş kimi təsdiqləndi. Faktlar bunu sübut edir. 2010-cu il 1 yanvar tarixə Azərbaycanın dövlət borcları üzrə imzalanan sazişlərin məbləği 7,9 milyard təşkil edir. Azərbaycanın mütləq xarici borcu isə 3,4 milyard manatdır ki, bu da adambaşına 380 manat təşkil edir.  Ümumi daxili məhsulda dövlət borcunun xüsusi çəkisi cəmi 7,8 faiz təşkil edir. Mən bir faktı deyim. MDB-nin bir sıra ölkələrində ümumi xarici borcun məbləği ümumi daxili məhsulun həcmindən çoxdur. Bizimlə əməkdaşlıq edən Ukraynanı, digər respublikaları götürək. Onlarda xarici borcun məbləği ümumi daxili məhsuldan çoxdur. Bilirsiniz ki, borcu yüksək olan ölkələr  qloballaşan dünya iqtisadiyyatında, dünya siyasətində nə kimi çətinliklərlə üzləşirlər. Azərbaycan isə bu gün borcalan bir ölkədən borcverən bir ölkəyə çevrilmişdir ki, bu da düşünülmüş siyasətin məntiqi nəticəsidir. 2009-cu ildə Azərbaycanın əməkdaşlıq etdiyi ölkələrlə, nüfuzlu beynəlxalq maliyyə təşkilatları ilə bu barədə heç bir problemi yaranmadı.
Komitənin iclasında millət vəkilləri haqlı olaraq qeyd etdilər ki, biz bundan sonra da həmin siyasəti, həmin istiqaməti davam etdirməliyik. Borc alınarkən, heç şübhəsiz ki, onu innovasiyalı iqtisadiyyata, yüksək məhsuldarlıq, ekoloji cəhətdən yüksək təmizlik imkanları verən müəssisələrin alınmasına yönəltməliyik. Mən məmnuniyyətlə deyirəm ki, Mərkəzi Bankın, Maliyyə Nazirliyinin fəal iştirakı və təşəbbüsü ilə biz xarici borclar haqqında qanun qəbul etdik. Millət vəkilləri qeyd etdilər ki, biz gələcək riskləri azaltmaq üçün dövlət zəmanəti ilə alınmış borclarla bərabər özəl sektorun da  borclarını təhlil etməliyik. Özəl sektorun aldığı borcların strukturuna, onların real iqtisadiyyatla əlaqəsinə baxmalıyıq. Bu yaxınlarda mən Çindən gəlmişəm. Orada ilk növbədə ona baxılır ki, alınan xarici investisiyalar hesabına ixrac yönümlü məhsullar istehsal ediləcək, yoxsa yox. Yəni bizim borc siyasətimiz, strategiyamız düzgündür. Bu strategiya Azərbaycanın milli maraqlarına cavab verir və cənab Prezident də bunu dəfələrlə deyib. Eyni zamanda, biz gərək borclardan səmərəli istifadə məsələlərini də...
Sədrlik edən. Ziyad müəllim, üzr istəyirəm, yekunlaşdırmaq üçün nə qədər vaxt lazımdır?
Z.Səmədzadə. 2 dəqiqə.
Sədrlik edən. Zəhmət olmasa.
Z.Səmədzadə. “Büdcə sistemi haqqında” Qanun var və millət vəkillərinə məlumat verərkən, heç şübhəsiz, büdcə sistemi haqqında müəyyən edilmiş göstəriciləri deməliyik. Göstəricilərdən biri də Prezidentin Ehtiyat Fondudur. Bu fonddan çox səmərəli istifadə olunmuşdur. Sizə təqdim olunan materiallarda göstərilir ki, Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondu Azərbaycan xalqı üçün, Azərbaycanın iqtisadi təhlükəsizliyinin təmin edilməsi üçün çox vacib tədbirlərə yönəlmişdir.
Nəhayət, büdcə kəsiri haqqında bir-iki kəlmə deyim. Dünyanı böhran bürüdüyü şəraitdə Avropa ölkələrində sosial sarsıntılar artır. 12–14 faiz büdcə kəsirləri var. Azərbaycanın 2009-cu il büdcəsinin icrası 0,5 faiz kəsirlə başa çatmışdır. Təbii ki, problemlər var. Bu, Azərbaycanın yaşadığı problemlərdir. O problemlər, ziyanlıqlar Maliyyə Nazirliyinin məlumatında, hökumətin təqdim etdiyi hesabatlarda öz əksini tapmışdır. Hörmətli millət vəkilləri, sizə verdiyim informasiyalar, eləcə də çıxarılan nəticələr tam əsas verir ki, mən də o şərtləri sayıb vaxtınızı almayım.  İqtisadi siyasət komitəsi adından millət vəkillərindən xahiş edirik ki,  2009-cu il dövlət büdcəsinin icrası haqqında qanun layihəsinə öz müsbət münasibətlərini bildirsinlər. Sağ olun.
Sədrlik edən. Ziyad müəllim, sağ olun.  Maliyyə naziri Samir Şərifova söz verilir. Samir müəllim, buyurun.
S.Şərifov, Azərbaycan Respublikasının maliyyə naziri.
Hörmətli sədarət, hörmətli millət vəkilləri, xanımlar və cənablar! Ölkəmiz üçün ötən il ulu öndərimiz Heydər Əliyevin dövlətçilik strategiyasının uğurlu davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında bazar iqtisadiyyatına keçidin başa çatması və sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələyə qədəm qoyması ilə səciyyəvi olmuşdur. Eyni zamanda, 2009-cu il Azərbaycan   iqtisadiyyatı, onun idarə edilməsi, makroiqtisadi, büdcə fiksal siyasətinin həyata keçirilməsi üçün sınaq ili kimi də səciyyələndirilə bilər.
2008-ci ildən dünyanın əsas maliyyə mərkəzlərində başlayan maliyyə-iqtisadi böhran 2009-cu ildə dünya iqtisadiyyatını bürüyərək istisna olmadan bütün ölkələrə öz mənfi təsirini göstərmişdir. Böhran qlobal ticarətə, sərnişin və yükdaşımalara, maliyyə və investisiya axınlarına ciddi zərbə vurmuş, kreditləşmə imkanlarını azaltmış və bir çox ölkələrdə, o cümlədən əksər inkişaf etmiş ölkələrdə kəskin iqtisadi tənəzzül yaratmışdır.
Dünya Bankının qiymətləndirməsinə əsasən qlobal maliyyə böhranının nəticələri çox ağır olmuşdur. Belə ki,  2009-cu ildə dünya üzrə ümumi daxili məhsul 2 faizdən çox aşağı enmişdir. Böhranın dalğası Azərbaycanın aid olduğu bölgədəki ölkələrdə də iqtisadi vəziyyətin pisləşməsinə, ümumi daxili məhsulun həcminin və gəlirlərin azalmasına gətirib çıxarmış, investisiya qoyuluşları və kreditlərin cəlb edilməsi imkanlarını məhdudlaşdırmış, milli valyutaların məzənnələrini kəskin aşağı salmış, yüksək inflyasiya törətmişdir.
Qlobal maliyyə-iqtisadi böhran Azərbaycandan da yan keçməyərək  iqtisadiyyatımızın bəzi sahələrində öz neqativ izini qoymuşdur. Ölkəmizdən xaricə ixrac olunan məhsulların dünya bazarlarında qiymətlərinin aşağı düşməsi müşahidə edilmişdir. 2009-cu ildə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin neft hasilatının həcmi büdcədə proqnozlaşdırılan xərcdən 32,1 faiz və ya 12,9 milyon manat az olmuşdur.
2008-ci ilin dördüncü rübündən başlayaraq, – əsasən də 2009-cu ilin birinci yarımilliyində, – xarici investorlar ölkəmizin dövlət istiqrazları bazarından 250 milyon ABŞ dolları (ümumi bazarın 60 faizi səviyyəsində), bank sistemindən isə 1,7 milyard ABŞ dolları  məbləğində (ümumbank sisteminin valyutada aktivlərinin 20 faizindən artıq həcmdə) vəsaitlərini xaricə çıxarmışlar.
Əlverişsiz xarici mühit faktorlarına baxmayaraq, ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi düşünülmüş, təmkinli, lakin olduqca qətiyyətli və çevik iqtisadi siyasət tədbirləri hesabına ölkəmiz böhranın  fəsadlarını uğurla dəf etməyə nail olmuşdur. Hökumət qlobal böhranın gözlənilən fəsadlarını nəzərə alaraq aztəminatlı əhalinin sosial müdafiəsinə  və istehsalın sabitliyinin saxlanılmasına yönələn zəruri qısamüddətli və böhranın gələcək təsirlərinin qarşısını almağa xidmət edən ortamüddətli tədbirlər həyata keçirməyə başlamışdır. Büdcə və pul-kredit sisteminin qorunması, real sektorun və sahibkarlığın dəstəklənməsi ilə əməli işlərin görülməsi böhranın istehsalın tənəzzülü, işsizlik, yüksək inflyasiya, yoxsulluğun səviyyəsinin artması kimi dağıdıcı fəsadlarından yayınmağa imkan vermişdir. Böhranın qarşısının alınması məqsədi ilə görülən səmərəli tədbirlər nəticəsində Azərbaycan iqtisadiyyatı öz dayanıqlığını nümayiş etdirib, qeyri-neft sektorunda isə iqtisadi artıma nail olunub.
Dünyanın aparıcı maliyyə-iqtisadi institutları, o cümlədən Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Avropa İnkişaf və Yenidənqurma Bankı ölkəmizdə həyata keçirilən antiböhran tədbirlərini yüksək qiymətləndirmiş və Dünya Bankının növbəti “Doinq-business” hesabatında Azərbaycan öz yüksək səviyyəsini saxlamışdır. Keçən ilin dekabr ayında Standart Poors Beynəlxalq Reytinq Agentliyinin ölkəmizə verdiyi uzunmüddətli “BB+” kredit reytinqi təsdiq edilmişdir. Eyni zamanda, yaxın gələcəkdə yeni investisiya reytinqini almaq imkanın göstəricisi olan reytinq üzrə proqnoz sabit səviyyədən müsbət səviyyəyə yüksəldilmişdir. 2010-cu il may ayının 20-də isə “Fitch Ratings” Beynəlxalq Reytinq Agentliyi tərəfindən ölkəmizin kredit reytinqi daha yüksək – “BBB-” investisiya səviyyəsinə qaldırılmışdır. 
Beləliklə, dünyanın inkişaf etmiş və inkişafda olan ölkələrinin əksəriyyətində müşahidə olunan iqtisadi tənəzzül proseslərinə baxmayaraq, ölkəmizdə makroiqtisadi sabitlik şəraitində  yüksək iqtisadi artıma nail olunmuş, xalqın maddi rifah halının yaxşılaşması prosesi davam etmişdir. Maliyyə-iqtisadi böhran şəraitində belə aparılan güclü iqtisadi islahatlar ölkədə sosial siyasətin uğurla davam etdirilməsinə, investisiya mühitinin daha da yaxşılaşdırılmasına, sahibkarlığa dəstəyin artırılmasına, geniş quruculuq işlərinin aparılmasına imkan vermişdir. Əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsini, ərzaq təhlükəsizliyinin təmin olunmasını, investisiya proqramlarının,          o cümlədən sosial sektor üzrə proqramların dəstəklənməsini, real sektorun və qeyri-neft sektorunun inkişafını özündə birləşdirən strateji xətt 2009-cu ildə uğurla həyata keçirilmişdir. Bu amillər makroiqtisadi göstəricilərdə də öz əksini tapmışdır.
Məndən əvvəl çıxış edən İqtisadi siyasət komitəsinin sədri cənab Səmədzadə tərəfindən bu məsələlər barədə ətraflı məlumat verildiyindən mən çalışacağam, çıxışımı daha çox əsas məsələlərə yönəldim. Nazirlər Kabinetinin 2010-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, bütün makroiqtisadi göstəricilərimiz bir daha sübut edir ki, Azərbaycanın seçdiyi yol düzgün yoldur, Azərbaycan öz müsbət inkişafını gücləndirir və davam etdirir. Hörmətli millət vəkilləri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsinin icrası haqqında Azərbaycan Respublikası qanununun layihəsi və bununla bağlı hazırlanmış 2009-cu il dövlət büdcəsinin icrasına dair hesabat “Büdcə sistemi haqqında” Qanuna uyğun olaraq təsdiq olunmaq üçün Milli Məclisə təqdim olunmuşdur. Hesabat gəlirlərin toplanması və xərclərin icrası vəziyyəti ilə bağlı göstəriciləri, ehtiyat fondlarından istifadəni, dövlət borcları barədə məlumatları da özündə əks etdirir.
Müzakirənizə təqdim olunmuş materiallarda 2009-cu il dövlət büdcəsinin icrası ilə bağlı ətraflı məlumat bazasının olduğunu nəzərə alaraq mən çıxışımı əsas istiqamətlər üzrə qurmuşam. 2009-cu il icmal büdcənin gəlirləri 14 milyard 466 milyon manat, xərcləri isə 12 milyard 275 milyon manat icra edilmişdir. Bu isə icmal büdcədə 2 milyard 191 milyon manat profisitin əldə olunması deməkdir. Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmadan isə dövlət büdcəsində 6 milyard 84 milyon manat kəsir qeydə alınmışdır. Bu, 2009-cu ildə istehsal olunmuş ümumi daxili məhsulun 17,6 faizinə bərabərdir.
2009-cu ildə dövlət büdcəsinin mədaxili 12 milyard 177 milyon manat proqnoza qarşı 10 milyard 326 milyon manat və ya 84,8 faiz icra edilib. Dövlət büdcəsinin gəlirlərində qeyri-neft sektorundan daxilolmalar 2008-ci illə müqayisədə 130 milyon manat və ya 5,9 faiz çox olmuşdur. Onun ümumi daxili məhsulda xüsusi çəkisi 14,8 faiz təşkil etmişdir. Ümumi daxili məhsulda dövlət büdcəsi gəlirlərinin xüsusi çəkisi 2008-ci ilə nisbətən 3,1 faiz artaraq 29,9 faizə çatmışdır.
Vergilər Nazirliyi tərəfindən proqnoza 71,5 faiz əməl edilmiş, büdcəyə nəzərdə tutulduğundan 1 milyard 637 milyon manat, 2008-ci illə müqayisədə 27,8 faiz az vəsait toplanılmışdır. Dövlət Gömrük Komitəsi tərəfindən proqnoza 85,6 faiz, 2008-ci illə müqayisədə 2,3 milyon manat çox əməl edilərək büdcəyə 1 milyard 113 milyon manat vəsait təmin edilmiş və büdcə proqnozuna qarşı 197 milyon manat az vəsait toplanmışdır. Dövlət Neft Fondu tərəfindən büdcəyə 4 milyard 915 milyon manat vəsait yönəldilməklə proqnoza tam əməl olunmuşdur.
2009-cu ildə dövlət büdcəsinin xərcləri 12 milyard 355 milyon manat proqnoza qarşı 10 milyard 504 milyon manat və ya 85 faiz icra edilib. 2008-ci illə müqayisədə xərclərin ümumi daxili məhsulda xüsusi çəkisi 3,6 faiz artaraq 30,4 faiz təşkil edib. Maliyyə-iqtisadi böhranının ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması, 2009-cu il dövlət büdcəsi gəlirlərinin icrası ilə bağlı yarana biləcək gərginliyin aradan qaldırılması məqsədi ilə “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası  Qanununun tələblərinə uyğun olaraq 2009-cu il dövlət büdcəsinin bir sıra xərc maddələri üzrə (müdafiə olunmuş xərclər istisna olmaqla) 75,2 milyon manat vəsait azaldılmışdır. Dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsü ilk növbədə icrasına əvvəlki illərdə başlanılmış tədbirlər və ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edən layihələr üzrə təsdiq olunmaqla 1,2 milyard manat vəsait bölüşdürülməyərək ehtiyat vəsaiti kimi saxlanılmışdır.
2009-cu ildə dövlət büdcəsi xərclərinin 5 milyard 812 milyon manatı və ya 55,3 faizi cari xərclərə yönəldilib ki, bu da 2008-ci illə müqayisədə 324 milyon manat və ya 5,9 faiz çoxdur. Əsaslı xərclər dövlət büdcəsi xərclərinin 43,2 faizini və ya 4 milyard 539 milyon manatını təşkil etmişdir ki, bu da 2008-ci ilə nisbətən 631 milyon manat və ya 12,2 faiz azdır. Dövlət borclarına xidmətlə bağlı xərclər ümumi xərclərin 1,5 faizi həcmində olmuşdur ki, bu da 2008-ci illə müqayisədə 37 milyon manat və ya 32,5 faiz çoxdur.
Funksional təsnifata müvafiq olaraq 2008-ci ilə nisbətən hesabat ilində kənd təsərrüfatı, meşə təsərrüfatı və ətraf mühitin mühafizə xərclərinə 38,5 faiz, sosial müdafiə və sosial təminat xərclərinə 24,6 faiz, təhsil xərclərinə 17,2 faiz, səhiyyə xərclərinə 16,2 faiz, mədəniyyət, incəsənət, informasiya və bədən tərbiyəsi xərclərinə 12,9 faiz, mənzil və kommunal təsərrüfatı xərclərinə 24,9 faiz, məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluğun saxlanması xərclərinə 21,5 faiz çox vəsait yönəlmişdir.
2009-cu ildə qanunvericiliklə müdafiəsi təmin edilən xərclərin icrası prioritet hesab edilməklə dövlət büdcəsi xərclərinin 34,1 faizi bu qəbildən olan sosial təyinatlı xərclərin maliyyələşdirilməsinə yönəldilmişdir. Natural ifadədə sosial təyinatlı xərclərə 3 milyard 584 milyon manat və  2008-ci illə müqayisədə 21,2 faiz və ya 626 milyon manat çox vəsait sərf olunmuşdur. Sosial təyinatlı xərclərə aid olan əməyin ödənişi xərclərinə 2 milyard 219 milyon manat, təqaüd və sosial müavinət xərclərinə 1 milyard 27 milyon manat, dərman vəsaiti ləvazimatının alınması xərclərinə 101 milyon manat, ərzaq məhsullarının alınması xərclərinə 237 milyon manat vəsait yönəldilmişdir. Funksional təsnifat üzrə sosial yönümlü xərclərin əsas qayəsini təşkil edən təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi xərclərinə 2 milyard 763 milyon manat  vəsait yönəldilmişdir ki, bu da 2008-ci ilə nisbətən 19,5 faiz və ya 451 milyon manat çoxdur. Həmin xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 26,3 faiz təşkil etməklə 2008-ci illə müqayisədə 4,8 faiz artmışdır.
“Dövlət Sosial Müdafiə Fondunun 2009-cu il büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən dövlət büdcəsindən maliyyələşən təşkilatlara nəzərdə tutulmuş məcburi dövlət sosial sığorta haqları üzrə vəsaitlər fondun hesabına tam məbləğdə daxil olmadığına görə nəzərdə tutulmuş və faktiki hesablanmış məcburi dövlət sosial sığorta haqları arasındakı fərq qədər dövlət büdcəsindən Dövlət Sosial Müdafiə Fonduna edilən transfert məbləği əlavə 25 milyon manat artırılmışdır. Bu amil də nəzərə alınmaqla sosial müdafiə və sosial təminat xərclərinə 1 milyard 54 milyon manat vəsait yönəldilmişdir ki, bu da 2008-ci illə müqayisədə 24,6  faiz və ya 208 milyon manat çoxdur. Bu xərclərin dövlət büdcəsi xərclərində xüsusi çəkisi 2008-ci ilə nisbətən 2,2 faiz artaraq 10,1 faizə çatmışdır. Ölkə Prezidentinin tapşırığına uyğun olaraq dövlət büdcəsinin xərcləri çərçivəsində əlavə maliyyə ehtiyatları yaradılmaqla əhalinin 2009-cu il 1 oktyabr tarixə təbii qazdan istifadə üzrə 327 milyon manat məbləğində borcları həmin vəsait hesabına silinmişdir.
2009-cu ildə məcburi köçkünlərin sosial məişət şəraitinin yaxşılaşdırılması istiqamətində də işlər davam etdirilmişdir. İl ərzində məcburi köçkünlərin yeni, hər cür sosial infrastruktura malik qəsəbələrə köçürülməsi məqsədlərinə 90 milyon manat, onlara verilən aylıq müavinətin ödənilməsi, kommunal və kommunikasiya xidmətləri, abadlıq və təmizlik işləri ilə bağlı xərclər üçün 171 milyon manat vəsait sərf olunmuşdur. Hesabat ilində aqrar sektora dövlət qayğısı davam etdirilməklə kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən maliyyə dəstəyinin verilməsində səngimələr olmamış, dövlət büdcəsindən “2008–2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramının” icrası üçün 136 milyon manat vəsait yönəldilmişdir.
Fermer təsərrüfatlarına güzəştli şərtlərlə kreditlərin verilməsi, lizinq xidmətlərinin yaxşılaşdırılması, sahibkarlığın inkişaf etdirilməsi üçün Sahibkarlığa Kömək Milli Fonduna 74 milyon manat, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə 37,5 milyon manat, Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinə 10 milyon manat vəsaitin büdcədən ayrılması təmin olunmuşdur. 2009-cu ildə icmal büdcə xərclərindən dövlət investisiya qoyuluşu xərclərinə 4 milyard 439 milyon manat, o cümlədən dövlət büdcəsindən 3 milyard 553 milyon manat, Dövlət Neft Fondundan 362 milyon manat, dövlət zəmanəti ilə alınmış xarici kreditlər hesabına isə 524 milyon manat vəsait ayrılmışdır.
Sədrlik edən. Samir müəllim, rica edirəm, yekunlaşdıraq.
S.Şərifov. Yekunlaşdırıram. 2009-cu il üzrə dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərindən Naxçıvan Muxtar Respublikasında həyata keçirilən bir sıra layihələrin maliyyələşdirilməsi üçün nəzərdə tutulmuş 32,5 milyon manat vəsait tam icra edilmişdir. Ötən il ərzində Dövlət Neft Fondunun vəsaiti hesabına məcburi köçkünlər üçün yaşayış qəsəbələrinin tikintisi, Samur–Abşeron suvarma sisteminin yenidən qurulması, Oğuz–Qəbələ–Bakı su kəmərinin, Bakı–Tbilisi–Qars dəmir yolunun çəkilişi layihələrinin maliyyələşdirilməsi təmin edilmiş və bu məqsədə 362 milyon manat vəsait sərf olunmuşdur.
Hörmətli millət vəkilləri, 2009-cu ildə Azərbaycanda keçirilmiş bir sıra beynəlxalq əhəmiyyətli tədbirlərin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən 14,8 milyon manat vəsait ayrılmışdır. Dövlətimizin beynəlxalq münasibətlərdə mövqelərinin möhkəmləndirilməsi məqsədi ilə xaricdə olan diplomatik nümayəndəliklərin, o cümlədən Birləşmiş Meksika Ştatlarında fəaliyyətə başlamış yeni səfirliyin və Rusiyanın Yekaterinburq şəhərində baş konsulluğun saxlanması xərcləri, habelə Pakistan İslam Respublikasında, Tacikistan Respublikasında, İndoneziya Respublikasında, Malidə, Seneqal və Mavritaniyada baş vermiş təbii və humanitar fəlakətlərin aradan qaldırılması ilə bağlı edilmiş maliyyə yardımları üzrə xərclər dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilmişdir. Bütövlükdə qeyd edilən tədbirlərin maliyyələşdirilməsinə 46 milyon manat vəsait yönəldilmişdir.
2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan həlli vacib hesab olunan tədbirlərin maliyyələşdirilməsinə 179 milyon manat vəsait istifadə olunmuşdur. Dövlət büdcəsinin ehtiyat fondundan isə dövlət büdcəsində nəzərdə tutulmayan bir sıra tədbirlərin maliyyələşdirilməsinə 193 milyon manat vəsait yönəldilmişdir.
2009-cu ildə Azərbaycanın daxili və xarici borcları barədə məlumat vermək istərdim. 2010-cu ilin 1 yanvar tarixinə bilavasitə hökumət tərəfindən və dövlət zəmanəti əsasında beynəlxalq və digər maliyyə-kredit təşkilatları ilə 7 milyard 914 milyon ABŞ dolları ekvivalenti məbləğində kredit sazişləri imzalanmışdır. Bu sazişlər əsasında istifadə olunmuş kreditlərin məbləğləri 3,4 milyard ABŞ dolları ekvivalentini təşkil edir. İstifadə edilmiş kreditlərə görə xarici dövlət borcu ümumi daxili məhsulun 7,9 faizini təşkil etmişdir. Hesabat ilinin sonuna dövlətin daxili borcu 1 milyard 665 milyon manat olmuşdur ki, bunun da 1 milyard 108 milyon manatı və ya 66,5 faizini dövlət müəssisələrinin dövlət zəmanəti ilə alınan borcları təşkil edir. 2009-cu il dövlət büdcəsindən xarici və daxili dövlət borclarına və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclər üzrə nəzərdə tutulan 227 milyon manat proqnoza qarşı 153 milyon manat və ya 67,2 faiz icra olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionların, o cümlədən Naxçıvan Muxtar Respublikasının inkişafına daim diqqətinin təzahürü olaraq 2009-cu ildə dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə nəzərdə tutulmuş 243 milyon manat dotasiya tam yönəldilmişdir ki, bu da 2008-ci illə müqayisədə 49,2 milyon manat və ya 25,4 faiz çoxdur. Yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən rayon və şəhərlərin yerli xərclərinə 809 milyon manat dotasiya ayrılmışdır ki, bu da 2008-ci illə müqayisədə 288 milyon manat və yaxud 55,3 faiz çoxdur.
2009-cu ildə dövlət büdcəsinin kəsiri nəzərdə tutulmuş limit çərçivəsində, yəni 177,9 milyon manat olmuşdur. Dövlət büdcəsinin kəsiri ümumi daxili məhsulun 0,5 faizindən aşağıdır. Bütövlükdə 2009-cu il dövlət büdcəsinə faktiki daxil olan vəsaitlərdən səmərəli və məqsədyönlü istifadə edilməklə dövlətə məxsus əsas, sosial vəzifələrin stabil maliyyələşdirilməsi təmin edilmiş, əmək haqqı, pensiya, müavinət, daxili və xarici borc kimi cari xərclər üzrə borc yaranmamışdır.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bir daha qeyd etmək istərdim ki, 2009-cu ildə qlobal maliyyə-iqtisadi böhran şəraitində Azərbaycan iqtisadiyyatı öz dayanıqlığını nümayiş etdirmiş, dövlət və icmal büdcələrin icrası zamanı həyata keçirilmiş çevik, məqsədyönlü tədbirlər böhranın mənfi təsirlərinin azaldılmasına xidmət etmiş, qarşıya qoyulmuş vəzifələrin stabil maliyyələşdirilməsini təmin etmişdir. Çıxışımın yekununda millət vəkillərini Azərbaycan Respublikası Prezidenti tərəfindən Milli Məclisə təqdim olunmuş Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsinin icrası haqqında Azərbaycan Respublikası qanununun layihəsinə səs verməyə çağırıram. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Sağ olun, Samir müəllim. Hesablama Palatasının sədri Heydər Əsədova söz verilir. Heydər müəllim tribunaya gələnə kimi istəyirəm, bir məsələni sizinlə məsləhətləşəm. Deməli, tabloda 24 nəfərin adı yazılıb. Əgər etiraz etmirsinizsə, çıxışları 5 dəqiqə edək. Etiraz yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Oldu, çox sağ olun. Heydər müəllim, buyurun.
H.Əsədov,  Azərbaycan Respublikası Hesablama Palatasının sədri.
Hörmətli sədarət, hörmətli millət vəkilləri, hörmətli qonaqlar! Məndən əvvəl çıxış edən komitə sədri Ziyad müəllim və maliyyə nazirimiz Samir Şərifov 2009-cu il büdcəsinin icrası haqqında hərtərəfli məlumat verdi. Hesablama Palatası da Milli Məclisə təqdim etdiyi rəsmi rəyində 2009-cu il büdcəsinin icrası haqqında hərtərəfli  təhlil aparmış və bu haqda öz münasibətini rəsmi olaraq Milli Məclisə təqdim etmişdir. Ona görə də mən büdcənin ayrı-ayrı parametrləri, funksional bölmələri ətrafında deyil, yalnız ümumi aspektləri ətrafında hörmətli millət vəkillərinə bəzi məlumatları verməklə kifayətlənmək fikrindəyəm.
Hörmətli millət vəkilləri! Hər birimizə məlumdur ki, son dövrlərdə dünya iqtisadiyyatı bir növ təbiət hadisələri kimi, olduqca dəyişkən, belə demək mümkündürsə, şıltaq olmuşdur. Son dövrlərdə verilən proqnozların heç biri böhranın nəticəsi, gedişi və vuracağı ziyanlar barədə dəqiq məlumat vermək imkanına malik deyildir. Ona görə də  iqtisadiyyat, o cümlədən  iqtisadiyyatda tənzimləyici rol oynayan büdcə qarşısında duran  funksional vəzifələr mütəmadi olaraq dəyişir. Bununla əlaqədar dövlətin, hökumətin, habelə büdcəni tərtib edən qurumların bu məsələyə adekvat  reaksiya verməsi zərurəti yaranır. Yadınızdadırsa, bir neçə ay bundan əvvəl biz büdcənin dayanıqlığını, dinamikliyini, iqtisadi aktivliyinin yaranmasını əsas şərt kimi qəbul etdik və yaxın bir-iki il ərzində büdcə qarşısında duran əsas vəzifənin ərzaq və enerji təhlükəsizliyinin təminatı olduğunu ön plana çəkdik. Hazırda çevik olaraq büdcə qarşısında, iqtisadiyyat qarşısında duran əsas məsələ, artıq hər birimizə məlum olduğu kimi, dövlətlərin borclanma səviyyəsinin aşağı salınması, eləcə də büdcə kəsirinin aşağı salınması ilə bağlıdır.
Nəzərinizə çatdırmaq istəyirəm ki, son dövrlərdə əksər ölkələrdə büdcə kəsirinin artımı dünya maliyyə böhranının ikinci mərhələsinin başlanmasını zəruri edən bir şərt kimi, simptom kimi görünməkdədir. Yunanıstanda, onun ardınca Portuqaliyada, İspaniyada və bu yaxınlarda  İtaliyada baş verən hadisələr onu göstərir ki, büdcə kəsirinin, eləcə də dövlət borlanmasının optimal həddinin buraxılması dövlətləri labüd olaraq maliyyə böhranının ikinci dalğasını yaratmaq təhlükəsi ilə üz-üzə qoyur. Mən bunları ona görə deyirəm ki, bu aspektdə büdcənin müasir durumunu 2009-cu ildəki durumu ilə müqayisə etmək imkanımız olsun. Yalnız onu qeyd edə bilərəm ki, hazırda Beynəlxalq Valyuta Fondunun məlumatına görə böyük 20-lərdə büdcə kəsiri 9 faizi keçir və artıq 10 faizə yaxınlaşmaq ərəfəsindədir. Dövlət borclanmaları bir çox ölkələrdə artıq ümumi daxili məhsulun 100 faizini keçir və 2014-cü ildə bəzi ölkələrdə dövlət borclanmasının ümumi daxili məhsulun 200 faizini keçəcəyi proqnozlaşdırılır. Heç vaxt belə tövsiyə olmayıb. Artıq Beynəlxalq Valyuta Fondu xarici borclanmanın ümumi daxili məhsulun 36 faizinə qədər qalxmasını tövsiyə edir və optimal hədd kimi qiymətləndirir. Çətinlik həm də dövlət ehtiyatlarının idarə edilməsində yaranmışdır.
Siz bilirsiniz ki, bəzi dövlətlər bu vəziyyətdən çıxmaq üçün müxtəlif yollar arayırlar. Bir sıra dövlətlər büdcə kəsirini və xarici borclanmanı artırmaqla vəziyyətdən çıxmağa çalışırlar. Yəni iqtisadi aktivliyi qorumağa, əgər belə demək mümkündürsə, ictimai tələbatı, istehlak tələbatını artırmağa səy göstərirlər. Bunun üçün bir sıra ölkələrdə vergi gəlirlərinin ixtisar olunması, bəzi ölkələrdə isə hətta sosial təyinatlı xərclərin ixtisar edilməsi praktikasına əl atılmışdır.
Ədalət naminə demək lazımdır ki, Azərbaycanda 2009-cu ildə büdcənin icrasında bu sahədə vəziyyət olduqca qənaətbəxş olmuşdur. Niyə? Birincisi, Samir müəllimin məlumat verdiyi kimi, bizdə borclanma səviyyəsi ümumi daxili məhsulun 7 faizini keçməyib və Milli Məclis tərəfindən qəbul edilmiş limitin yalnız 50 faizindən istifadə olunmuşdur. Büdcə kəsiri 178 milyon manata qarşı 177 milyon manat olmuşdur. Nəzərə alsaq ki, dövlət əvvəlcə xaricdə istiqrazların yerləşdirilməsini nəzərdə tutsa da, əgər demək mümkündürsə, bunun üçün əlverişli şərait olsa da, dövlət buna getməmişdir. Yəni artıq borclanma taktikasından istifadə etməmişdir. Bu çox müsbət haldır.
İkincisi, bir sıra dövlətlərin təcrübəsi göstərir ki, büdcə, əsasən, il ərzində bir neçə dəfə parlamentdə verilmiş səlahiyyətlər çərçivəsində korrektə edilməsi yolu ilə tənzimlənir. Azərbaycan şəraitində isə büdcə bir dəfə təsdiq olunmuşdur. İlin əvvəlində hökumət ehtiyatlı mövqe seçərək investisiya xərclərinin 1 milyard 157 milyon manatını ehtiyat kimi saxlamış,  digər ikinci dərəcəli, yəni müdafiə olunmayan xərclərdə isə qənaət rejimi tətbiq etmişdir. Bütövlükdə qənaət rejimi yalnız dövlətin birbaşa göstərişi ilə, Ziyad müəllimin qeyd etdiyi kimi, avadanlığın alınması  ilə, yəni direktiv üsulla 75 milyon manat azalmış, investisiya xaricində qalan xərclərin azaldılması yalnız subyektiv olmuşdur. Yəni ştatlarının doldurulmaması hesabına əmək haqqı üzrə qənaət büdcədənkənar fondlarda yaranır və bu kimi ikinci dərəcəli xərclər hesabına həyata keçirilir. Mən hesabatımda da qeyd etdiyim kimi, heç bir investisiya layihəsi, heç bir sosial təyinatlı xərc ixtisar edilməmişdir.
Ən mühüm odur ki, 2009-cu il ərzində dövlət öhdəlik altında olmayan borcların yaranmasına yol verməmişdir. Bu da 2009-cu ilin dövlət büdcəsinin icrasını səciyyələndirən xərclər üzrə ən əsas göstəricilərdir. Sual oluna bilər, bəs necə olur ki, xərclər üzrə büdcə tapşırıqları 85 faiz yerinə yetirilmişdir. Bu, üç amillə əlaqədardır. Birincisi, mənfəət vergisi üzrə büdcə kəsirdə olmuşdur. Bu, əsasən, neftin qiyməti aşağı düşdüyünə görə Azəri-Çıraq-Günəşli yataqlarının işlənməsi üzrə subpodratçılardan alınan mənfəət vergisinin aşağı düşməsi ilə əlaqədar olmuşdur və qalan hissəsi bir növ subyektiv xarakter daşımışdır. Yalnız bu amil hesabına keçən il 1 milyard 400 milyon manat az mənfəət vergisi hesablanmışdır. Təbii ki, bunun da hesabına büdcəyə 885 milyon manat az vəsait daxil olmuşdur. İkinci səbəb fiziki şəxslər üzrə vəsaitin az daxil olması ilə bağlıdır. Bu isə əmək haqqının müəyyən hissəsinin istifadə edilməməsi ucbatından gəlir vergisinin olmaması ilə əlaqədardır. Azəri-Çıraq-Günəşli yataqlarında işçilərin sayının azalması hesabına gəlir vergisinin azalması ilə də bağlıdır.
Apardığımız tədqiqatlar göstərir ki, xidmət, ictimai-iaşə obyektlərində işəgötürənlər tərəfindən qeydiyyat işinin düzgün qurulmaması səbəbindən qeydiyyat işinin olmaması, bu sahədə  gəlir vergilərinin tutulmaması, gəlir vergisinin, ümumiyyətlə, hesablanmaması nəzərə çarpır. Mən yenə deyirəm, qlobal aspektdə bütün bunlar onu göstərir ki, 2009-cu ilin büdcəsi həm beynəlxalq müstəvidən yanaşdıqda, həm də ölkə daxilində bərqərar olmuş makroiqtisadi mühit baxımından çox müvəffəqiyyətlə icra olunmuşdur. Digər ölkələrdən fərqli olaraq, burada  sosial xərclər üzrə borclar yaradılmamış, hər hansı bir öhdəlik götürülməmiş, eləcə də dünyanı təlatümə salan xarici borclanma və büdcə kəsirinin limitdən artıq yaranması baş verməmişdir. Ona görə də  hesab edirəm ki, bu büdcənin icrası müvəffəqiyyətli olmuşdur.
Təbii ki, burada çatışmayan cəhətləri mən Milli Məclis qarşısında verdiyim hesabatda qeyd etmişəm. Orada ayrı-ayrı büdcə istifadəçiləri tərəfindən yol verilən nöqsanlar, qanun boşluqları, eləcə də bəzi yerlərdə neqativ hallar  barədə hesabatımda geniş qeyd etmişəm və bu haqda  məlumat vermişəm. Buna görə də dediklərimi yekunlaşdıraraq, bütövlükdə Hesablama Palatasının rəyi olaraq, 2009-cu il dövlət büdcəsinin icrasını müvəffəqiyyətli hesab edir, hörmətli millət vəkillərindən həmin büdcənin icrasını təsdiq etmələrini xahiş edirəm. Diqqətinizə görə sağ olun. 

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
müavini V.Ələsgərov sədrlik edir

Sədrlik edən. Sağ olun. Yəqin ki, indi müzakirələrə keçirik. Ancaq müzakirələrə keçməmişdən qabaq yadımızda saxlayaq ki, çıxışların 5 dəqiqə reqlament çərçivəsində olacağını razılaşmışıq. Fəzail Ağamalı.
F.Ağamalı. Çox sağ olun. Hörmətli Valeh müəllim, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Təqdim edilmiş qanun layihəsi ilə tanışlıqdan, eyni zamanda, burada bizim önümüzdə çıxış edən Ziyad Səmədzadə, Samir Şərifov və Heydər Əsədovun təqdimatından da göründüyü kimi, 2009-cu ilin dövlət büdcəsinin icrası müvəffəqiyyətlə həyata keçirilmişdir. Bunu Azərbaycanın real həyatı və sosial-iqtisadi nəticələri də bir daha sübut edir.
Yadınıza salmaq istəyirəm ki, dünyanı bürüyən maliyyə və iqtisadi böhran inkişaf etmiş ölkələrin də iqtisadiyyatını çökdürdüyü bir zamanda Azərbaycanda artım tendensiyası davam etmiş, ümumi daxili məhsul 9,3 dəfə artmış, genişmiqyaslı layihələr, infrastrukturun yenidən qurulması prosesi davam etmiş, sosial yönümlü siyasət davamlı və ardıcıl xarakter daşımış, dünya böhranı fonunda Azərbaycan modelinin üstünlükləri və bu modelin real, müsbət sosial-iqtisadi nəticələri dünyanın maliyyə institutları tərəfindən də birmənalı şəkildə etiraf olunmuşdur.
Bu da etiraf olunmalıdır ki, əlbəttə, ölkə Prezidenti möhtərəm İlham Əliyevin həyata keçirmiş olduğu düzgün maliyyə-iqtisadi siyasət bu komandanın, bütövlükdə iqtidarın – ölkə Prezidentinin komandasının maliyyə və iqtisadi cinahının peşəkarların əlində olması və ölkə Prezidentinin müəyyən etmiş olduğu siyasətin dünyada gedən proseslər zəminində düzgün müəyyənləşərək həyata keçirilməsi Azərbaycanı ciddi  maliyyə-iqtisadi kataklizmlərdən xilas edə bilmişdir. Bu artım tendensiyası bu gün də Azərbaycanın sosial-iqtisadi həyatında özünü göstərir və  davam edir. Əlbəttə, bunların hamısı müsbətdir və etiraf olunmalıdır.
Mən bəri başdan deyim ki, bu layihəyə səs verəcəyəm və hökumətə bundan sonrakı fəaliyyətində də uğurlar diləyirəm. Yaranmış olan indiki vəziyyətdən, yəni hörmətli hökumət üzvlərinin burada olmasından istifadə edərək, bəzi məqamlar üzərində dayanmaq istəyirəm. Bəlli olduğu kimi, təbii fəlakət Azərbaycandan da yan keçməmişdir. Kür bir sıra regionlarda böyük və ciddi problemlər yaratmışdır. Ölkə Prezidentinin yaratmış olduğu komissiya bu istiqamətdə ardıcıl iş aparır. Etiraf olunmalıdır ki,  Fövqəladə Hallar Nazirliyinin, Daxili İşlər Nazirliyinin və digər strukturların həyata keçirmiş olduqları tədbirlər insan fəlakətinə yol verməmiş, Kürün və Arazın daşması ilə bağlı daha ciddi fəlakətlərin qarşısını almaq müəyyən dərəcədə mümkün olmuşdur. Lakin hələ də təbiətin şıltaqlığı davam edir.
Mən bir neçə dəfə Salyan rayonunda olmuşam. İki gün bundan öncə də Salyan rayonunda idim. Orada həyətləri külli miqdarda qrunt suları basıb. Elə yer var ki, bəzən su iki metrə qalxıb. Mən güman edirəm ki, bu məqamlar nəzərə alınacaq. Eyni zamanda, sanitariya işinin aparılması  ardıcıl və sistemli xarakter alacaqdır. İri, ağır tonnajlı maşınların yük daşıması nəticəsində kənd yolları, demək olar ki, bərbad vəziyyətə düşmüşdür. Vaxtilə həmin kəndarası yolların yüksək səviyyədə bərpa olunmasına baxmayaraq, indi yenidən həmin yolların bərpa olunmasına ciddi ehtiyac duyulur.
Yeri gəlmişkən, yollarla, burada yaranmış olan vəziyyətlə bağlı onu demək istəyirəm ki, bəlli olduğu kimi, Azərbaycanda ən müasir tələblərə uyğun olan yolları çəkilib. Lakin çox təəssüf ki, iri tonnajlı maşınlar, bir qayda olaraq, həmin yollar bərbad vəziyyətə salmaqda davam edir.  Nazirlər Kabinetinin müvafiq qərarı var, amma həmin qərara əməl olunmur. Düşünürəm ki, həmin qərar sərtləşdirilməli, daha ciddi sanksiyalar tətbiq olunmalı və yolların qorunması üçün güzəştli şərtlər müəyyən olunmalıdır.
Sonda mən üzümü hörmətli Heydər Əsədova tutub demək istəyirəm ki, bildiyimiz kimi, hər il burada bəndlərin bərpasına külli miqdarda pul ayırırıq. Mən xahiş edirəm ki, Hesablama Palatasının sədri olaraq, Siz  bu pulların hara, necə, nə şəkildə xərclənməsi ilə bağlı  araşdırmalar aparasınız. Ümumiyyətlə, büdcədən ayrılan vəsaitlə bağlı araşdırmalar aparın və növbəti iclaslarda bizə təqdim edin. Diqqətinizə görə təşəkkür edirəm.     
Sədrlik edən. Sağ olun. Söz verilir cənab Vahid Əhmədova. Buyurun, Vahid müəllim.
V.Əhmədov. Çox sağ olun, Valeh müəllim. Hörmətli sədarət, hörmətli hökumət üzvləri, hörmətli millət vəkilləri! Vaxtın azlığını nəzərə alaraq, 2009-cu ilin dövlət büdcəsinin icrası ilə əlaqədar çox danışmaq istəmirəm. Bu barədə biz konkret olaraq vaxtında demişik. Yəni dünyada qlobal maliyyə böhranı olmasına baxmayaraq, Azərbaycan hökuməti, Azərbaycan Respublikasının Mərkəzi Bankı 2009-cu ilin dövlət büdcəsinin normal vəziyyətdə yerinə yetirilməsi üçün çox böyük işlər görür. Büdcədə kəsir də olsa, sosial layihələr, əsasən, yüz faiz yerinə yetirilib.
Vaxtın azlığını nəzərə alaraq üç məqama toxunmaq istəyirəm. Xahiş edərdim ki, hökumət üzvləri buna diqqətlə qulaq assınlar. Birincisi, ümumiyyətlə, son illər, yəni 2007, 2008, 2009, 2010-cu illərdə verilmiş proqnozlarla əlaqədar olaraq deməliyəm ki, Azərbaycan hökumətində proqnozlaşdırma institutunun həddən artıq zəif olduğunu görürəm. Yəni verilən proqnozlar 2009-cu ilin büdcəsində də, 2010-cu ilin büdcəsində də, faktiki olaraq, özünü doğrultmur. Hamımız bilirik ki, Azərbaycan neft istehsal edən ölkədir və Azərbaycanın dövlət büdcəsinin 60 faizi neftdən formalaşır, qalan 40 faizi də neftlə əlaqədar sahələrdir. Ona görə də neftin qiymətinin büdcədə müəyyən qədər həqiqətə uyğun şəkildə göstərilməsi çox böyük əhəmiyyət kəsb edir.
2009-cu ilin dövlət büdcəsini təsdiq edəndə neftin qiymətini 70 dollar götürdülər. Onda biz həm Milli Məclisin plenar iclasında, həm də komitənin iclasında təkidlə tələb etdik ki, maliyyə böhranı təzə başlayıb, gəlin, neftin qiymətini 55-60 dollar səviyyəsində götürək. Amma buna getmədilər. Tarix göstərdi ki, bizim dediyimiz rəqəmlər düz idi. 2010-cu ilin dövlət büdcəsində də eyni hadisələr təkrar olundu. Yəni 2010-cu ilin beş ayı göstərdi ki, neftin qiymətinin dövlət büdcəsində 45 dollar götürülməsi tamamilə düzgün deyil, həqiqətə uyğun deyil. Neftin qiyməti, faktiki olaraq, 70 dollar civarında fırlanır. Ona görə mən elə hesab edirəm ki, ümumiyyətlə, hökumətin proqnozlarına düzgün baxılmasına çox böyük ehtiyac var. Yəni hökumətin beynəlxalq təşkilatlarla, beynəlxalq  neft qurumları ilə, OPEK təşkilatı ilə əlaqələri olmalıdır və bu proqnozlar düzgün verilməlidir.
Respublikada yaranmış kritik vəziyyətlə əlaqədar ikinci məsələ burada qeyd olundu. Bu çox ciddi məsələdir. Yəni Kür–Araz çayının daşması ilə əlaqədar külli miqdarda vəsait tələb olunur. Burada deyirlər ki, 100–200 milyon manat vəsait lazımdır. Bu, 100–200 milyon manata başa gələn söhbət deyil. Söhbət yalnız Kür və Arazdan getmir. Azərbaycanın, demək olar ki, şimal regionunda, qərb regionunda bütün çaylar daşır, ətraf sahələri, zəmiləri, tarlaları basır, evləri aparır. Rayonlarda, kəndlərdə böyük sürüşmələr var. Ona görə də mən, ümumiyyətlə, belə hesab edirəm ki, 2010-cu ilin dövlət büdcəsi baxılanda (indi belə qərara gəldilər ki, büdcəyə iyun ayında baxılsın), bu qlobal maliyyə vəsaiti tələb etsə də, 2010-cu ilin dövlət büdcəsində müəyyən dəyişiklik etmək lazımdır. Yəni həmin Kür-Araz çaylarında bəndlərin tikilməsi üçün müvəqqəti bir il üçün, heç olmasa, iri layihələri saxlamaq və bu kiçik layihələri həyata keçirmək lazımdır ki, gələcəkdə Azərbaycan bu hadisələrin qarşısını almaqda aciz olmasın. Bu çox ciddi məsələdir və külli miqdarda, bəlkə də milyardlarla vəsait tələb edir.
Üçüncü ciddi məsələ ilə bağlı bu yaxınlarda maliyyə naziri, mənim hörmət etdiyim Samir Şərifov informasiya agentliyinə belə bir məlumat verib ki, sovet vaxtından qalmış əmanətlərin verilməsi hələlik mümkün deyil. Çünki Milli Məclis tərəfindən qanun qəbul edilməyib. Bilirsiniz, bir vaxt bu məsələlər burada çox ciddi müzakirə olunurdu. O vaxt hörmətli Oqtay Əsədov Milli Məclisdə bir komissiya yaratdı. Biz də həmin komissiyanın üzvü idik. Bir neçə dəfə yığışdıq. Mən onda dedim ki, Milli Məclis bu məsələ ilə məşğul olmamalıdır. Çünki o məsələnin həllinə hökumət tərəfindən təşəbbüs göstərilməlidir, Azərbaycan hökuməti qanun layihəsi göndərməlidir, özü qərar verməlidir. Sonra Milli Məclisdə bu qanun layihəsi müzakirə olunmalıdır. Amma fakt onu göstərdi ki, guya Milli Məclis qanun qəbul eləmədiyi üçün əmanətlər qaytarılmır. Amma mən bu gün bu kürsüdən elan edirəm ki, həmin əmanətlərin qaytarılması üçün heç bir bəhanə gətirmək lazım deyil. Keçən müddət ərzində bütün sənədlərlə biz tanış olmuşuq. Orada heç bir ciddi problem yoxdur. Siyasi qərar Azərbaycanın dövlət başçısı tərəfindən verilir. İqtisadi qurumlar öz qərarlarını verməlidirlər. Faktiki olaraq, üç qanun layihəsi hazırlanıb, Milli Məclisdə var. Ona görə hökumət qərarını verməlidir ki, bu əmanətlər qaytarılsın. Bu çox ciddi məsələdir. Burada seçilən millət vəkillərinin, mən deyərdim ki, 90 faizi seçiləndə söz veriblər ki, əmanətlər qaytarılacaq. 
Sədrlik edən. Sağ olun, Vahid müəllim. Əli Məsimli, buyurun.
Ə.Məsimli. Çox sağ olun, Valeh müəllim. 2009-cu il bütün dünyada, o cümlədən Azərbaycanda böhranın kulminasiya nöqtəsi olub. Əgər böhran əksər ölkələrə əsas məhsulun, məsələn, neftin qiyməti vasitəsilə, kredit borcları vasitəsilə, milli valyutanın devalvasiyası vasitəsilə, yaxud istehsalın aşağı düşməsi şəraitində inflyasiyanın güclənməsi vasitəsilə dörd zərbə vurubsa, Azərbaycan yalnız bir zərbə, yəni neftin qiymətinin aşağı düşməsindən zərbə alıb. Neftin qiymətinin aşağı düşməsindən alınan  zərbə 2009-cu ildə Azərbaycanda iki gizli problem yaratdı. Birinci, vergi gəlirlərinin aşağı düşməsi vasitəsilə büdcəyə daxilolmalar azaldıldı və vergi borcları artdı. İkincisi, xarici ticarət dövriyyəsi, demək olar ki, 55 milyard dollardan 21 milyard dollara, yəni 2,6 dəfə aşağı düşdü. Əlbəttə, belə bir şəraitdə büdcənin doldurulmasında, əlavə vəsaitin cəlb edilməsində problem yaranmalı idi.
Digər mühüm cəhəti də qeyd etmək istəyirəm. Son illərdə Azərbaycanda ümumi daxili məhsulun 25–34 faiz artması fonunda büdcə 70–80 faiz artırıldı. Bu da axırda əsas məhsulun qiyməti dəyişən zaman inkişaf sürətini kəskin surətdə aşağı salmalı idi. Ona görə də büdcədə problemlərin yaranmasını mən təbii hesab edirəm. Amma burada ciddi bir məsələni də qeyd etmək istəyirəm. Belə şəraitdə makroiqtisadi sabitlik pozulmalı və davamlı inkişafa böyük xələl gəlməli idi. Belə bir hadisənin baş verməməsində hökumətin həyata keçirdiyi siyasətin mühüm rol oynadığını qeyd etmək lazımdır. Burada Mərkəzi Bankla Maliyyə Nazirliyinin həyata keçirdiyi siyasəti, qabaqlayıcı tədbirləri xüsusi qeyd eləmək lazımdır.
Eyni zamanda, qeyd etmək lazımdır ki, artıq böhranın ikinci dalğası başlayır. Böhranın ikinci dalğası dövlət borcu və büdcə kəsirləri yüksək olan ölkələri, o cümlədən burada adları sadalanan Yunanıstan, Portuqaliya, İspaniya kimi borcu çox olan ölkələri əhatə edəcək. Azərbaycanın dövlət  borcu 7,8 faiz, Qazaxıstanınkı isə 92 faizdir. Deməli, buradan aydın görünür ki, böhran Azərbaycana birbaşa deyil, dolayı yolla dəyəcək. Biz artıq ucuz kreditləri cəlb eləyə bilməyəcəyik, xaricdə işləyən azərbaycanlıların Azərbaycana gətirdiyi vəsait az olacaq. Avronın məzənnəsi aşağı düşsə, neftin qiymətinə təsir göstərəcək. Ona görə də hökumət artıq büdcədə yaranmış gərginliyi fikirləşməli və qarşıdakı illərin büdcəsində daha uğurlu addımlar atmaqdan ötrü səy göstərməlidir.
Xüsusi qeyd etmək istəyirəm ki, beynəlxalq təşkilatlar gələn il Azərbaycanda ümumi daxili məhsulun 0,6 faizə enməsi barədə bəyanatlar verirlər. Hesab edirəm ki, Azərbaycanın potensialı fonunda bu, yolverilməzdir. Çünki Azərbaycanın makroiqtisadi sabitliyini saxlamaq və sosial problemlərin həllini sürətləndirmək üçün artım tempi 8 faiz ətrafında olmalıdır. Ona görə də böhrandan sonrakı yeni inkişaf modeli olmalıdır. Bu inkişaf modelinə uyğun surətdə  yeni büdcə strategiyası həyata keçirilməlidir. Büdcə strategiyasında həm gəlirlərin artırılması istiqamətində mənbələr aşkarlanmalı və ondan səmərəli istifadə yolları tətbiq edilməli, həm də xərclərdən istifadənin səmərəliliyinin artırılması istiqamətində işlər  görülməlidir.
Burada xüsusi qeyd etmək istəyirəm ki, həm dövlətin, həm də özəl bölmənin borclarının artması narahatlıq doğurur və  il ərzində artan borc 1,3 milyard manat həcmindədir. Əgər əmək haqlarının artırılmasından söhbət gedirdisə, proqnozlaşdırılandan iki dəfə artıq səviyyədə müəllimlərin, həkimlərin, büdcə təşkilatlarında çalışan digər işçilərin əmək haqqını həmin vəsait hesabına artırmaq olardı. Bu cür mənbələr həddən artıq çoxdur. Hesab edirəm ki, həmin mənbələrdən səmərəli istifadə etmək lazımdır.
Sədrlik edən. Sağ olun. Cənab Kazımov Mirkazım.
M.Kazımov. Təşəkkür edirəm, Valeh müəllim. Hörmətli sədarət, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! 2009-cu ilin dövlət büdcəsinin icrası haqqında qanun layihəsi və büdcənin icrasına dair illik hesabat büdcə sistemi qanunvericiliyinə uyğun olaraq möhtərəm Prezidentimiz tərəfindən parlamentin müzakirəsinə təqdim edilmişdir.
Məlum olduğu kimi, 2008-ci ildən başlayan iqtisadi böhran 2009-cu ildə də davam edərək bütün ölkələrə öz təsirini göstərmiş, bir çox ölkələrdə, ilk növbədə, inkişaf etmiş ölkələrdə ciddi iqtisadi tənəzzülə səbəb olmuşdur.  Qlobal maliyyə böhranı ölkəmizdə də hiss olunmuşdur. İl ərzində ixrac mühitinin əlverişsiz olmasına baxmayaraq, dövlət başçısının rəhbərliyi altında həyata keçirilən antiböhran tədbirləri və düşünülmüş iqtisadi siyasət nəticəsində Azərbaycan böhranın mənfi təsirlərini dəf edə bilmişdir. Qeyri-neft sektorunun inkişafı, ixrac yönümlü sahələrin dövlət tərəfindən dəstəklənməsi, sahibkarlara verilən güzəştli kreditlərin həcminin artırılması, maliyyə intizamının sərtləşdirilməsi 2009-cu ilin büdcə siyasətinin strateji xətti olmuşdur. Nəticədə makroiqtisadi göstəricilər qaneedici olmuşdur. Ümumi daxili məhsulun həcmi əvvəlki illərlə müqayisədə 9,3 faiz artaraq 34,6 milyard manat, onun adambaşına düşən həcmi 3917 manat təşkil etmişdir.
2009-cu ilin ən önəmli büdcə göstəricilərindən biri də ondan ibarətdir ki, ümumi sərmayələrin 80 faizini daxili investisiyalar təşkil edir. Həmin sərmayələrin 73 faizi ölkənin qeyri-neft sektorunun inkişafına yönəldilmişdir. Böhran dövründə ölkə iqtisadiyyatının olmasına baxmayaraq, sahibkarlığın inkişaf etdirilməsi və onun vergi yükünün azaldılması məqsədi ilə mənfəət vergisinin dərəcəsi 22 faizdən 20 faizə, fiziki şəxslərdən gəlir vergisinin maksimal həddi 35 faizdən 30 faizə, fərdi sahibkarlar üçün isə 35 faizdən 20 faizə endirilmişdir. Hesabat ilində dövlət büdcəsinin mədaxil proqnozuna 85 faiz əməl olunmuşdur. Qlobal iqtisadi böhranın təsirlərini nəzərə alsaq, bu yaxşı göstərici hesab edilməlidir. Onu da nəzərə almaq lazımdır ki, ümumi daxili məhsulun  xüsusi çəkisi 2008-ci ilə nisbətən 3 faiz artmışdır.
Ölkənin valyuta ehtiyatlarının ümumi həcmi 2010-cu il yanvarın 1-də 20 milyard dollardan artıq olmuşdur. Büdcə xərclərinin cari xərclərə yönəldilən həcmi 2008-ci illə müqayisədə 6 faizə yaxın artmışdır. Eyni zamanda, hesabat ilində xərclərin 34 faizi sosial təyinatlı sahələrə yönəldilmişdir ki, bu da əvvəlki illə müqayisədə 6,6 faiz artım deməkdir. 2009-cu ildə ölkə əhalisinin əmək haqlarının və sosial müavinətlərin  artım sürəti ölkədəki qiymət artımı indeksini üstələmişdir. Nəticədə inflyasiya 1,5 faizdən çox olmamışdır.
Hesabat ilində regionların inkişafı, xüsusilə də kənd təsərrüfatının maliyyələşdirilməsi diqqət mərkəzində olmuşdur. Fermerlərə, ailə-kəndli təsərrüfatlarına maliyyə dəstəyi davam etdirilmiş, dövlət büdcəsindən bütövlüklə bu sahəyə 85 milyon manata yaxın vəsait yönəldilmişdir. Eyni zamanda, aqrar sektora dövlət qayğısını artırmaq məqsədi ilə fermer təsərrüfatlarına kreditlərin verilməsinə və lizinq xidmətinin  yaxşılaşdırılmasına lazımi qədər vəsait yönəldilmişdir. 2009-cu ildə dövlətin əsaslı vəsait qoyuluşu xərclərindən meliorasiya və su təsərrüfatı obyektlərinin içməli su ilə təmin olunmasına, kanalizasiya sistemlərinin  yenidən qurulmasına və əsaslı təmirinə, su anbarlarının tikintisinə, bir çox çaylarda sahil-bərkitmə işlərinin aparılmasına, magistral kanallarının tikintisinə və təmirinə, ümumilikdə, 185 milyon manat vəsait qoyulmuşdur. 
Sədrlik edən. Mirkazım müəllim, vaxtınız tamamlandı. Nazim Məmmədov, buyurun.
N.Məmmədov. Çox sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Təbii ki, dünyada gedən proseslər fonunda dövlət büdcəsinin 2009-cu ilin həm gəlirlər hissəsinin, həm də xərclər hissəsinin kəsirlə icra olunmasına baxmayaraq, hesab edirəm ki, hökumət normal fəaliyyət göstərib. Dünyanın aparıcı maliyyə qurumlarının proqnozları 2009-cu il ərzində bir neçə dəfə dəyişmişdi. Hətta Azərbaycanla bağlı proqnozları təxminən 3 dəfə dəyişmişdir. Buna baxmayaraq, qeyd etməliyik ki, ümumi daxili məhsulun real artımı göz qabağındadır. Sosial məsələlərin həllində də heç bir problem yaranmamışdır.
Bununla yanaşı, qeyd etməliyik ki, son illər İqtisadi İnkişaf  Nazirliyi proqnozlar verərkən elmi yanaşmaya daha çox üstünlük verir. Bu gün də aparılan işlərə Milli Məclis də dəstək verməlidir.  Regionlarda qeyri-neft sektorunun inkişafını xüsusi qeyd etməliyəm. Kənd təsərrüfatı məhsullarının saxlanılması və istehlakçıların hüquqlarının qorunması baxımından atılan addımlar da təqdir olunmalıdır və bu addımları daha da dəstəkləmək lazımdır. Gəlirlərin bir-iki maddə üzrə kəsirlə icra olunmasına baxmayaraq, Maliyyə Nazirliyinin strukturunda aparılmış islahatlar nəticəsində səhmlərdə dövlət payının 3,5 dəfə artmasına diqqət yetirmək istəyirəm. Borclarla bağlı burada kifayət qədər fikir səsləndirildi. Borcların idarə olunması ilə bağlı qeyd etməliyik ki, dövlət büdcəsinin gəlirlərində həmin borcları alan təşkilatlar tərəfindən ödənişlər 6,2 dəfə artmışdır.
Mən bir neçə dəfə bu məsələyə toxunmuşam. Maliyyə Nazirliyi islahatları, o cümlədən struktur islahatlarını davam etdirməlidir. Hesab edirəm ki, sovet sistemindən qalmış maliyyə şöbələri regionlarda, rayonlarda ləğv olunmalıdır. Necə ki Vergilər Nazirliyi vaxtında bu islahatları apardı. Regionlarda maliyyə idarələrinin yaradılmasına ehtiyac var. Bu həm də son illərdə büdcə xərclərinin artırılması ilə bağlı şəffaflığı daha da təmin edə bilər. Heç kəsdə şübhə doğurmur ki, rayonların icra strukturlarının xidməti nəticəsində  şəffaflıq pozulur. Buna elə maliyyə şöbələrinin özləri yardım edir. Bu baxımdan islahatların aparılması  şəffaflığın artırılmasına töhfə vermiş olardı.
Bununla yanaşı, hörmətli millət vəkilimiz Vahid Əhmədovun təşəbbüsünü dəstəkləyirəm ki, 2010-cu ilin dövlət büdcəsinə yenidən baxılmalıdır. Güman edirəm ki, burada təkcə daşqınla, sellə bağlı xərclərin artmasına deyil, həm də büdcə proqnozları ilə bağlı məsələlərin  dürüstləşdirilməsinə, gəlirlərin daha da dəqiqləşdirilməsinə ehtiyac var. Ümumi daxili məhsulun artımı 6,8 faiz proqnozlaşdırılıb. Belə olan halda  inflyasiyanın 3 faiz olması real görünmür. Ona uyğun olaraq hökumətə şərait yaratmalıyıq ki, pensiyaçıların, habelə büdcədən maliyyələşən şəxslərin əmək haqlarının artırılması istiqamətində iş görə bilsin.
Bir daha  mən o fikirlərə dəstək oluram ki, biz sovet dövründə əmanət banklarında qalmış əmanətlərin qaytarılması üçün də təşəbbüs göstərməliyik. Mən o fikirlə tam razıyam ki, bunun üçün əlavə bir qanunun qəbul olunmasına ehtiyac yoxdur. Bu, daxili borc kimi tanınmalıdır. Onun bir hissəsi bu gündən başlayaraq verilməlidir. Bu borcların tarixinə gəldikdə, 1990-cı illərin əvvəlində qurulmuş o vaxtkı hökumət bütün vəsaitləri xərclədi. İndiki hökumətimiz bunu qaytarsa,  Milli Məclisin üzvləri üçün də, hökumətin özü üçün də səmərəli olardı.  Hesablama Palatasının nəzəri fikirlərinə diqqət yetirmək üçün vaxtım  azdır. 
Sədrlik edən. Çox sağ olun. Söz verilir cənab Elton Məmmədova.
E.Məmmədov. Təşəkkür edirəm. Çox hörmətli Valeh müəllim, hörmətli hökumət üzvləri, hörmətli deputat həmkarlarım! Qeyd etmək istəyirəm ki, “Büdcə sistemi haqqında” Qanuna müvafiq olaraq, 2009-cu ilin dövlət büdcəsinin icrası ilə bağlı Milli Məclisin müzakirəsinə təqdim olunmuş sənədlər yüksək səviyyədə hazırlanmışdır. 
Dövlət başçısı tərəfindən həyata keçirilən uğurlu iqtisadi siyasət və qabaqlayıcı tədbirlər nəticəsində qlobal maliyyə böhranı 2009-cu ildə Azərbaycan üçün, demək olar ki, təsirsiz keçmişdir. Bunu hesabat ilinin əsas makroiqtisadi göstəricisi olan ümumi daxili məhsulun artımı təsdiqləyir. Nəzərə almaq lazımdır ki, ötən il bu göstərici inkişaf etmiş ölkələrdə 3,3 faiz, inkişaf etməkdə olan ölkələrdə isə 2,2 faiz aşağı düşməklə müşahidə olunmuşdur.
Hesabat ili sahibkarlığın inkişafı ilə, regionlara diqqətin artırılması ilə, yüksəlişə təkan verən qanunvericilik bazasının təkmilləşdirilməsi ilə, habelə biznes mühitinin daha da yaxşılaşdırılması ilə səciyyələnmişdir. 2009-cu ilin dövlət büdcəsi xərcləri 10,5 milyard manat həcmində icra olunmuşdur.
Ümumi daxili məhsulda büdcə xərclərinin xüsusi çəkisi 30 faiz təşkil etmişdir ki, bu da əvvəlki illə müqayisədə 3,6 faiz artım deməkdir. Ötən il dövlət büdcəsi xərclərinin 35 faizdən çoxu qeyri-maliyyə aktivlərinin alınmasına, 21 faizi əmək haqqının, 10 faizə yaxını təqaüdlərin və sosial müavinətlərin ödənilməsinə yönəlmişdir. Əvvəlki illərdə olduğu kimi, hesabat ilində də büdcənin icrası zamanı onun sosial yönümlüyü saxlanılmışdır. Ötən il qanunvericiliklə müdafiəsi təmin edilən xərclərin icrası üçün lazımi işlər görülmüş, onların icrası birinci növbədə həyata keçirilmişdir. Önəmlidir ki, sosial sahənin əsas istiqamətləri olan təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət və digər istiqamətlər diqqət mərkəzində saxlanılmışdır. Bu xərclərin dövlət büdcəsinin xərclərinin tərkibində xüsusi çəkisi, faktiki olaraq, 26 faiz təşkil edərək əvvəlki illə müqayisədə 5 faizə yaxın artımla səciyyələnmişdir.
Ötən il dövlət büdcəsi xərclərində kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi xərcləri 390 milyon manat təşkil etmişdir ki, bu da əvvəlki illərlə müqayisədə 8,6 milyon manat çoxdur. Ötən il avtomobil yollarının saxlanması üçün ayrılan büdcə fondunun vəsaitləri ciddi nəzarətdə saxlanılmış və təsdiq olunmuş konkret layihələrin icrasına yönəldilmişdir. Avtomobil yollarının saxlanması üçün  büdcə fonduna cari ildə müvafiq artımların edilməsi, avtomobil yolları ilə bağlı dəyər vergisindən azadolma, avtomobil yollarında normadan artıq yükdaşımalara qadağaların qoyulması məsələsinə baxılmışdır. Yaxın gələcəkdə, başqa ölkələrdə olduğu kimi, yolların ödənişli olmasını da məqsədəuyğun hesab edirəm.
Paytaxtın nəqliyyat probleminin həlli də diqqət mərkəzində saxlanılmışdır. Belə ki, Bakı metropolitenində tikinti və yenidənqurma işləri, metronun vaqon parkının yenilənməsi davam etdirilmişdir. Bu məqsədlə dövlət büdcəsindən 107 milyon manat vəsait ayrılmışdır. Yol infrastrukturunun yaradılmasında və yeniləşdirilməsində  konstruksiyaların dayanaqlığı məsələsi diqqət mərkəzindədir. Bununla bağlı dövlətin müvafiq qurumları, xüsusilə nəqliyyat və tikinti sektorlarına cavabdeh olan dövlət təşkilatları möhtərəm Prezidenti mütəmadi olaraq  məlumatlandırır və onun tapşırığına əsasən müvafiq təkliflər hazırlayırlar. Dövlət başçısının tapşırığı ilə Nazirlər Kabineti yol təsərrüfatı ilə bağlı konkret normativ hüquqi aktlar hazırlayıb təsdiqləyirlər. Ötən il büdcənin vergi təhlükəsizliyi və regionların elektrik enerjisinə olan tələbatının təminatı məsələsi də hökumətin diqqət mərkəzində olmuşdur.    
Sədrlik edən. Çox sağ olun. Cənab Xanhüseyn Kazımlı.
X.Kazımlı. Çox sağ olun. Hörmətli Valeh müəllim, hörmətli hökumət üzvləri, hörmətli millət vəkilləri və dəvət olunan qonaqlar!  Şübhəsiz ki,  xeyli zamandır, biz təqdim olunan sənədlər üzərində müzakirələr aparırıq. Millət vəkilləri tərəfindən, İqtisadi siyasət komitəsi tərəfindən, Maliyyə Nazirliyi tərəfindən, Hesablama Palatası tərəfindən verilən məlumatlar, habelə bizim komitədə müzakirələrdə müşahidə etdiyimiz faktlar bir daha sübut edir ki, “Büdcə sistemi haqqında” Qanuna  müvafiq olaraq, bizə təqdim olunan sənədlər əvvəlki illərlə müqayisədə dəfələrlə təkmilləşdirilmişdir. Bu və ya digər sualın meydana çıxması üçün heç bir dumanlı, qaranlıq cəhət qalmamışdır.
Hörmətli millət vəkilləri!  Biz dəfələrlə müşahidə etmişik ki, dünyanın hər bir yerində baş verən qlobal böhranın törədiciləri və səbəbkarı dünyanın nəhəng, böyük ölkələridir. İndi ölkəmizdə sellərin təşviş doğurması fikri ilə mən razılaşmıram. Çünki böhranın sonu gəlir.  Böhranın törədilməsinə səbəb olan böyük ölkələr var gücü ilə həmin böhranın aradan qaldırılmasına səy göstərirlər. Tezliklə biz həmin böhranın aradan qaldırılmasının şahidi olacağıq və dünyanın bu istiqamətdə çəkdiyi əziyyətlərə son qoyulacaqdır. Həmin böhranın ayrı-ayrı ölkələrin iqtisadiyyatına təsiri bu gün bizə təqdim olunan sənədlərdə də özünü göstərir. Misal üçün, bir sıra ölkələr üzrə ümumi daxili məhsulun  artım sürəti barədə ayrıca kitabçada verilən məlumatlarda biz bunu aydın görürük.
Azərbaycan 2009-cu ildə ümumi daxili məhsulun istehsalına və  artım sürətinə görə birinci yerdə gedir. Burada Çin, Böyük Britaniya, Almaniya, Türkiyə, Rusiya kimi nəhəng ölkələr var. Xüsusilə neft ixrac edən ölkələr sırasında Azərbaycan ümumi daxili məhsulun atımına və adambaşına düşən ümumi daxili məhsulun miqdarına görə də birinci sıradadır. MDB məkanında da bu göstəriciyə görə Azərbaycan ön sıradadır. Xüsusilə də bu illər ərzində Azərbaycanda manatın alıcılıq qabiliyyətinin sabit saxlanılması, bəzi hallarda manatın kursunun avroya  nisbətən yüksəyə qalxması bir daha göstərir ki, Azərbaycanda ulu öndər tərəfindən müəyyən olunan böyük siyasətin uğurlu davamı ən ağır iqtisadi böhran şəraitində də respublikamızın iqtisadi sarsıntılar keçirməsinə imkan vermir.
Əgər biz Qarabağ kimi böyük bir problemimiz olduğunu və o problemə çəkilən xərcləri, həmçinin işğal olunmuş ərazilərimizdəki sərvətlərimizin ermənilər tərəfindən müsadirə olunaraq satıldığını nəzərə alsaq, görərik ki, Azərbaycanda bir sıra sosial problemlərin həllində irəliləyişə, habelə qazın, işığın, suyun və digər məhsulların qiymətlərinin qat-qat aşağı salınmasına nail olmaq mümkün idi. Mən ümidvaram ki, biz yaxın gələcəkdə buna da nail olacağıq. Mən bütün deputat həmkarlarımı bu sənədlərə səs verməyə çağırıram. Təqdim olunan sənədlər standartlara tamamilə uyğundur. Valeh müəllim, mümkünsə, bu sənədləri səsə qoyaq.  Bir sıra deputatlar da bu təklifin tərəfdarıdırlar. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Maksimum  mən dörd deputata imkan yarada bilərəm ki, çıxış etsin, fikrini söyləsin.  Əgər yeni fikirlər, yeni təkliflər səslənəcəksə, biz dinləməyə  hazırıq. Elmira xanım, yeni bir söz deyəcəksinizsə, buyurun, danışın. Ancaq icazə versəniz, Elmira xanımdan sonra müzakirələri bitirək. Deputatların əksəriyyəti təklif edir ki, müzakirələri bitirək və səsə qoyaq. Xahiş edirəm, zalda olmayan deputatlar daxil olsunlar. Elmira xanım, yazılı şəkildə çıxışınızı verin, çatdıracağıq.  

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Çox sağ olun. Elmira xanım, təkid edirsiniz? Buyurun.
E.Axundova. Siz danışdınız, biz də danışa bilərik. Bir az səbirli olaq, hələ 20 dəqiqə vaxtımız var.
Hesabatı diqqətlə oxuyub bu qənaətə gəlmişəm ki, həmin hesabat şəffaf, lakonik, eyni zamanda, dolğun işlənilib və dövlət büdcəsi xərclərinin icrası vəziyyəti haqqında kifayət qədər məlumat verir. Çox yaxşı haldır ki, 2009-cu ilin gəlirləri və xərcləri 2008-ci illə müqayisədə verilir və biz dövlət büdcəsinin icrasına dair dinamikasını izləyə bilərik. Bu dinamikanı izlədikcə belə qənaətə gəlmək olar ki, 2009-cu il bizim üçün bəlkə də ən çətin illərdən biri olub. Hesabatda da bu barədə açıq və səmimi deyilir. Çünki dünyanı bürüyən maliyyə böhranı respublikadan yan keçməyib. Əgər biz dünya iqtisadiyyatına inteqrasiya olunuruqsa, keçə də bilməzdi. Ümidverici haldır ki, çətinliklərə baxmayaraq, dövlətimiz həm xaricdə, həm də daxildə bütün öhdəlikləri yerinə yetirir. 2009-cu ildə 2008-ci illə müqayisədə bir çox sahələrə daha çox vəsait ayrılıb.
Dövlət nümayəndələrinin burada olmasından istifadə edərək bir sıra sual və təkliflərlə çıxış etmək istərdim. Əvvəla, hamımız bilirik ki, hərbi qüvvələrimizin milli zabit ordusu səbirsizliklə maaşlarının, müavinətlərin artırılmasını gözləyir. Ümid etmək istərdim ki, bu ilin iyununda biz bu barədə xoş bir xəbər eşidəcəyik. Eyni zamanda, təklif edirəm ki, zabitlərin evlə təmin olunması ilə bağlı dövlət tərəfindən xüsusi proqram hazırlansın və bir-iki il ərzində mənzili olmayan hərbi qulluqçular mənzillə təmin olunsunlar. Belə bir proqram Rusiyada artıq qəbul olunub. Biz də bu yolla getməliyik.
Təqaüdlərin artırılması ilə bağlı rayonlardan ahıl insanlardan çoxlu məktub və müraciətlər daxil olur. Seçicilərimin əksəriyyəti təqaüdlərinin kasadlığından, 80-90 manat təqaüdlə dolana bilməməsindən şikayətlənir və dövlət qurumları qarşısında bu məsələni qabartmağı xahiş edirlər. Bununla əlaqədar bir məsələni də maliyyə nazirimiz hörmətli Samir Şərifovun diqqətinə çatdırmaq istərdim. Bir neçə il əvvəl “Əməkdar incəsənət xadimi” adı alanlara müəyyən vəsait ayrıldı. İndi əməkdar incəsənət xadimləri 30 manat həcmində əlavə vəsait alırlar. Lakin nəzərə almaq lazımdır ki, bu adları daşıyanların əksəriyyəti incəsənət xadimləri, istehsalat qabaqcılları, ahıl, xəstə, bəzən köməksiz insanlardır. Onlardan heç də hamısı Prezident təqaüdü almır.  Halbuki hər biri öz sahəsinin tanınmış simasıdır və dövlətçiliyimizə, mədəniyyətimizə, iqtisadiyyatımıza böyük töhfələr vermiş şəxsiyyətlərdir.
Ona görə də təklif edirəm ki, bu rəqəm, yəni 30 manat, heç olmasa, yaşayış minimumu həddinə çatdırılsın və 87 manat məbləğində olsun. Bununla da biz sosial ədalət prinsipini qismən də olsa, bərpa etmiş olarıq. Çünki indi Prezident təqaüdünü alan və almayan əməkdar incəsənət xadimlərinin gəlirləri və dolanışığı arasında çox kəskin fərq vardır. Ümumiyyətlə, Sosial siyasət komitəsinin üzvü kimi, mən sosial, təhsil, səhiyyə sahələrinə ayrılan vəsaitlərin həcminin artırılmasını istərdim. Məsələn, 2009-cu ildə hüquq mühafizə və prokurorluq orqanlarına ayrılan vəsait 650 milyon manat həcmində idisə, 2008-ci illə müqayisədə bu xərclər 115 milyon manat artırılıb. Səhiyyəyə ayrılan vəsait isə 402 milyon manatdır. 2008-ci illə müqayisədə 2009-cu ildə xərclər cəmi 56 milyon manat artıb. 2009-cu ildə mədəniyyətə ayrılan vəsait 158 milyon manat həcmində olub. Mənə elə gəlir ki, bu çox cüzi bir məbləğdir.
Dörd il yarım deputat kimi fəaliyyət göstərirəm. Lakin dairəmdə bir dənə də olsun  kiçik mədəniyyət obyektinin – klub, kitabxana, mədəniyyət evi, muzeyin tikintisinə, heç olmasa, təmirinə nail ola bilməmişəm. Çünki Mədəniyyət Nazirliyinin bu istiqamətdə vəsaiti yoxdur. İndi kəndlərdə, demək olar ki, heç bir mədəniyyət obyekti işləmir. Bu da əhalinin, xüsusilə də cavanların haqlı narazılığına səbəb olur.
Sonda demək istərdim ki, mən Maliyyə Nazirliyinin bizə təqdim etdiyi hesabatı qənaətbəxş hesab edirəm. Ümumiyyətlə, bu qurumun rəhbərliyinin və əməkdaşlarının professional işini, nəticədə respublikada maliyyə intizamının yüksəldilməsi istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirir, onlara öz işlərində uğurlar diləyirəm. Xahiş edirəm ki, mənim yuxarıda səsləndirdiyim təkliflərə diqqətlə baxılsın. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Valeh Ələsgərov, buyurun.
V.Ələsgərov. Mən də tərəfdarıyam ki, səsə qoyaq. Gələn iclasımızda  2010-cu ilin dövlət büdcəsinə yenidən baxılacaq. Onda danışmağa da, söz deməyə də, təklif verməyə də  imkan olacaq. Gələcək müzakirələrdə, xahiş edərdim ki, obyektiv rəqəmlərlə, obyektiv göstəricilərlə münasibətimizi bildirək. Bu göstəriciləri təhlil etsək, Azərbaycan Respublikasının dövlət büdcəsinin icrasında verilmiş rəqəmlərin nə qədər sevindirici, nə qədər uğurlu olduğunu görərik. Bayaq deyildiyi kimi, Azərbaycan Respublikasına böhran şəraitində investisiya reytinqinin verilməsi hökumətin uğurlu fəaliyyətinin ən yüksək, ən gözəl göstəricisidir. Ona görə də xahiş edirəm, gəlin, səsə qoyaq, səs verək.
Sədrlik edən. Sağ olun, Valeh müəllim. Mən də Valeh müəllimin dediyi fikri tam dəstəkləyirəm. Hesab edirəm ki, kifayət qədər müzakirə etdik. Yəqin ki, iyunda dövlət büdcəsinin dürüstləşdirilməsi ilə bağlı ayrıca iclasımız olacaq. Ona  görə xahiş edirəm, qanun layihəsinə münasibət bildirək. Etiraz yoxdursa, buyurun.

Səsvermənin nəticələri   (saat 17.44 dəq.
Lehinə  105
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0
İştirak edir  105
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun. Bununla da bugünkü iclasımız sona çatır. Sağ olun.

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi