2009-ci il 6 mart tarixli iclasın stenoqramı

ÜÇÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
XI  SESSİYASI  İCLASININ

PROTOKOLU  №  106

Milli  Məclisin  iclas  salonu.
6  mart  2009-cu  il.  Saat  12.

Milli  Məclisin  Sədri
O. Əsədov  sədrlik  etmişdir


İclasda Milli Məclisin 108 deputatı iştirak etmişdir.

İclasa dəvət olunmuşlar:

E. Süleymanova, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman).
M. Əmirəliyev, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Aparatının İnsan hüquqlarının müdafiəsi şöbəsinin müdiri.
A. Səfixanlı, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Aparatının Hüquqi maarifləndirmə, elmi-analitik informasiya və beynəlxalq əlaqələr şöbəsinin müdiri.
V. Məhərrəmov, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Aparatının Sənədlərin icrasına nəzarət şöbəsinin müdiri.
A. Eyvazov, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Aparatının İqtisadi və sosial hüquqların müdafiəsi sektorunun müdiri.
Z. Əliyev, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Aparatının Elmi-analitik sektorunun müdiri.
Z. Məhərrəmli, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Aparatının İnformasiya və ictimaiyyətlə əlaqələr sektorunun müdiri.

* * *

Ə. Amaşov, Azərbaycan Mətbuat Şurasının sədri.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə yeni işçi qrupunun yaradılması, mövcud işçi qrupunun tərkibində dəyişikliklər edilməsi haqqında.
2. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi haqqında.
3. “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
4. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
5. “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
6. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
7. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
8. Həbs yerlərində saxlanılan şübhəli və ya təqsirləndirilən şəxslərin hüquqlarının və azadlıqlarının təmin edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

İclasda qəbul edilmişdir:

1. “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə yeni işçi qrupunun yaradılması, mövcud işçi qrupunun tərkibində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı.
2. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı.
3. “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.


Azərbaycan Respublikası
Milli Məclisinin Sədri                              O. ƏSƏDOV
 

 

MİLLİ  MƏCLİSİN  İCLASI

6  mart  2009-cu  il.  Saat  12.

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir


Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.

Qeydiyyat (saat 12.04 dəq.)
İştirak edir 100
Yetərsay 83

Çox sağ olun, yetərsay var, iclasımıza başlaya bilərik.
Hörmətli millət vəkilləri, iclasa başlamazdan qabaq, icazə verin, həm Milli Məclisin kişiləri adından, həm də öz adımızdan bizim qadınları 8 Mart Beynəlxalq qadınlar günü münasibətilə təbrik edək və eyni zamanda, bütün Azərbaycan qadınlarına can sağlığı, xoşbəxtlik arzulayaq! (Alqışlar.)
Gündəlik hamınıza paylanıb. Xahiş edirəm, gündəliyə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri  (saat 12.05 dəq.)

Lehinə  87
Əleyhinə  1
Bitərəf  0
Səs vermədi  0
İştirak edir  88
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi. Müzakirələrə ehtiyac varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, yazılın. Məlahət İbrahimqızı, buyurun.
M. İbrahimqızı. Çox sağ olun, cənab Sədr. Mən Sizə minnətdaram, Siz bu gün həm bizi, həm də bizim simamızda bütün Azərbaycan qadınlarını təbrik etdiniz. Sizin bizə olan bu münasibətiniz, təbii ki, əsası ulu öndər tərəfindən qoyulmuş dövlət qadın siyasətinin dəstəklənməsinin bariz nümunəsidir. Həqiqətən də, 1991-ci ildə müstəqillik qazandıqdan sonra bir müddət Azərbaycan qadınlarının ildə bir dəfə bayramının keçirilməsinə çox qadağalar qoyulmuşdu. 1993-cü ildə ikinci dəfə hakimiyyətə gələn ulu öndərimiz Heydər Əliyev o dövrün bütün çətinliklərinə, problemlərinə baxmayaraq, Azərbaycanda dövlət qadın siyasətinin əsasını qoydu və bu çox əlamətdar bir hadisədir. 2000-ci ildə ulu öndər “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərman imzaladı. Qeyd etmək istərdim ki, 2000-ci ildə bu sənəd Birləşmiş Millətlər Təşkilatına göndərildikdən sonra ona 2000-ci ildə insan hüquqları və azadlıqlarının qorunması istiqamətində ən ali sənəd olması haqqında rəy bildirilmiş və surəti BMT-yə üzv olan bütün ölkələrə paylanmışdır. Mən bu gün Azərbaycan qadınına olan hörməti məhz ulu öndərin ən böyük ideyası, Azərbaycan qadınına verdiyi qiymətin məntiqi davamı kimi qeyd edirəm.
Xüsusi qeyd etmək istərdim ki, 2003-cü ildə Prezident seçilən möhtərəm Prezidentimiz cənab İlham Əliyev də bu siyasətə sadiq qalmış və bu siyasətin daha da genişlənməsində, dövlət qadın siyasətinin mexanizminin daha da təkmilləşməsində böyük işlər görmüş və Qadın Problemləri üzrə Dövlət Komitəsinin əsasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır.
Möhtərəm cənab Sədr, mən fürsətdən istifadə edib, ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanımı da parlamentdə təmsil olunan qadınların və eyni zamanda, seçicilərimizin adından təbrik etmək istərdim. Məhz hörmətli Mehriban xanım 2003-cü ildən Azərbaycanın birinci xanımı kimi dünyanın birinci xanımları cərgəsində özünəməxsus yer tutmuş və Azərbaycan qadınının dünyada, beynəlxalq aləmdə əsl simasını təqdim etmişdir. Bu il Heydər Əliyev Fondunun fəaliyyətinin 5 ili qeyd olunacaq. Mehriban xanım bu 5 il ərzində illərə və ərazilərə sığmayan çox böyük işlər görmüşdür.
Sədrlik edən. Çox sağ olun. Cəmil Həsənli.
C. Həsənli. Çox hörmətli cənab Sədr, hörmətli millət vəkilləri və mətbuat nümayəndələri! Biz də deyilən təbriklərə qoşuluruq və parlamentdə iştirak edən qadınlarımızı, onların simasında bütün Azərbaycan qadınlarını təbrik edirik. Gündəliyimizdə çox ciddi məsələlər durur. Xüsusilə İnsan hüquqları üzrə müvəkkilin hesabatı ilə bağlı, yəqin ki, bu gün səmərəli müzakirə aparılacaq.
Oqtay müəllim, mən bir məsələ ilə bağlı Sizə və eyni zamanda, əlaqədar təşkilatlara müraciət edirəm. Qarşıdan 8 Mart gəlir. Dediyim hadisə rayonlarda baş vermir. Bakı şəhərində, mənim seçildiyim Nərimanov rayonunun Böyükşor yaşayış məntəqəsində bu gün 50-yə yaxın evi su basıb. Hara müraciət edirsənsə, deyirlər ki, bu evlər qanunsuz tikilib. Ancaq mən demək istəyirəm ki, həmin vətəndaşlar ötən əsrin 70-ci illərindən burada yaşayırlar. Bu gün təbrik elədiyimiz qadınların bir hissəsi qucaqlarındakı körpələri suyun əlindən qoymağa yer tapa bilmirlər. Əlaqədar təşkilatlara dəfələrlə müraciət etmişik. Gəlib orada bir-iki aldadıcı işlər görürlər və problem həll olunmamış qalır. Üç ildir bu adamların ev əşyaları yatacaq dəstinə qədər suyun altında qalır. Oqtay müəllim, bu, Kür çayının, Araz çayının qırağında deyil, Bakı şəhərində baş verir. Xahiş edirəm, imkanınızdan, nüfuzunuzdan istifadə edib bu məsələyə müdaxilə edəsiniz ki, müvafiq orqanlar öz vəzifələrini yerinə yetirsinlər.
İkinci deyəcəyim məsələ yenə həmin seçki dairəsindəki 17 saylı tibb məntəqəsi ilə bağlıdır. İki il bundan əvvəl bu tibb məntəqəsini auksiona qoyub binasını satmışdılar. Bizim müdaxiləmizdən sonra bunu ləğv eləmək mümkün oldu. Bir neçə ay bundan qabaq naməlum şəxslər hücum edib bu tibb məntəqəsinin 5 otağını uçurublar. Bütün əlaqədar təşkilatlara müraciət etməyimizə baxmayaraq, heç bir nəticə əldə edilməyib. 205-ci yaşayış məntəqəsinin, Böyükşorun, eyni zamanda, Nizami rayonunun bir qrup sakini tibbi təminatdan məhrum olublar. Mən xahiş edirəm, bu məsələnin həllinə köməklik edəsiniz.
Sədrlik edən. Oldu, Cəmil müəllim, maraqlanarıq. Qənirə Paşayeva.
Q. Paşayeva. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də ilk öncə ölkəmizin birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva başda olmaqla həmkarlarımı, bütün Azərbaycan qadınlarını və bugünkü iclasda iştirak edən ombudsmanımız Elmira Süleymanovanı təbrik edirəm.
Bizim üçün fevral ayı ağrılı bir hadisə ilə yadda qalıb. Xocalı soyqırımının 17-ci ildönümünü qeyd elədik. Cənab Prezidentin apardığı siyasətə uyğun olaraq Heydər Əliyev Fondunun prezidenti Mehriban xanımın dəstəyi ilə dünyanın bir çox ölkələrində Xocalı soyqırımının ildönümü ilə bağlı, onun tanıdılması istiqamətində çox böyük tədbirlər həyata keçirildi. Bu istiqamətdə Azərbaycanda görülən işlər ilbəil sürətlənir. Oqtay müəllim, mən təşəkkür edirəm, Sizin və parlamentin bu sahədə rolu hər il getdikcə daha da artır. Bir çox ölkələrdə keçirilən belə tədbirlərdə millət vəkilləri də iştirak edirlər. Həmkarlarım Havva Məmmədova və Asim Mollazadə ilə birlikdə Amerika Birləşmiş Ştatlarındaydıq. Konqresmenlərlə müxtəlif səpkili görüşlərdə bu məsələnin daim diqqətdə saxlanılması, təbii ki, Azərbaycan üçün çox önəmlidir. Buna görə də Sizə təşəkkür edirik, çünki bu məsələlərdə daim bizə dəstək verirsiniz.
Oqtay müəllim, bir məsələyə də toxunmaq istərdim. İstərdim ki, gələcək iclaslarımızın birində bu məsələyə də baxılsın. İnsanlarımızın Ermənistandan deportasiya olunmasının 60 illiyi tamam olur. Bu gün ermənilər bütün dünyada yalan-yanlış təbliğatlarını apardığı bir zamanda biz bu məsələni daim diqqətdə saxlamalı və bütün dünyaya göstərməliyik ki, Ermənistan adlanan dövlət ermənilərin ərazisi deyildi, bu, azərbaycanlıların torpağı idi. 1948–1953-cü illərdə azərbaycanlıların sayını, varlığını azaltmaqla Ermənistan etnik təmizləmə siyasətinə bir daha geniş şəkildə rəvac verdi. Stalinin vaxtında yalnız azərbaycanlıların Ermənistana geri qayıtma hüququndan başqa, deportasiya olunan bütün xalqların geri qayıtmaq hüquqları tanındı. Bu məsələnin parlamentin iclaslarının birində xarici ölkə səfirlərinin iştirakı ilə müzakirə olunmasına, beynəlxalq təşkilatlara müraciətlərin göndərilməsinə çox böyük ehtiyac var. Mən inanıram ki, Siz bu məsələlərin dünya ictimaiyyətinə daha geniş şəkildə çatdırılmasında parlamentin rolunun daha da genişləndirilməsi istiqamətində, bu insanların hüquqlarının tanınması istiqamətində işlərin sürətlənməsinə...
Sədrlik edən. Sağ olun. Bilirsiniz ki, müzakirə üçün ayrılan vaxt üç dəqiqədir. Xahiş edirəm, saata baxın ki, cümləniz yarımçıq qalmasın. Əli Məsimli, buyurun.
Ə. Məsimli. Sağ olun, mən də cənab Sədrin təbriklərinə qoşuluram və bütün xanımlara can sağlığı, uzun ömür, həyatın bütün sahələrində uğurlar arzulayıram!
İki məsələyə münasibət bildirmək istərdim. Birinci məsələ Şəkidən bir qrup müəllimin göndərdiyi müraciətlə, ikinci məsələ isə növbəti iclasın gündəliyi ilə bağlıdır. Müəllimlərin əmək haqqının aşağı olması, eyni zamanda, son vaxtlar maaşların gecikdirilməsi istiqamətində yaranan vəziyyətlə bağlı müraciət almışam. Həmin müraciətdə deyilir ki, bu məsələlərlə bağlı deputat sorğusu verilsin. Hesab edirəm ki, deputat sorğusu yox, başqa məqamdan buna yanaşmaq daha düzgün olar. Bu il bilavasitə təhsilə ayrılan vəsait bütövlükdə 5 il bundan qabaqkı büdcənin vəsaiti qədər, yəni 1,5 milyard manat olacaq. Bu, kifayət qədər böyük rəqəmdir, həm də hesab edirəm ki, əmək haqlarının artırılması burada nəzərdə tutulub. Ona görə də təklif edərdim ki, yaz sessiyasında Təhsil haqqında qanunun qəbul edilməsi sürətləndirilsin və beləliklə, müəllimlərin əmək haqlarının artırılması məsələsinə də orada baxılsın. Bu, 400 min təhsil işçisinə çox böyük töhfə olardı.
Əmək haqlarının gecikdirilməsi ilə bağlı da mən əsaslandırılmış formada qeyd edirəm ki, dövriyyədəki pul normativ qədərdir. Əgər gecikmələr varsa, bu, texniki, süni xarakterli amillərlə bağlıdır. Xüsusən indiki dövrdə əmək haqlarının gecikdirilməsi yolverilməzdir. Bu istiqamətdə olan çatışmazlıqların aradan qaldırılmasını vacib hesab edirəm.
Gələn iclasımız hökumətin hesabatına həsr olunacaq. Bu çox böyük hadisədir. Hesab edirəm, böhranla bağlı elə eləmək lazımdır ki, bu, əvvəlki illərin hesabatından bir qədər fərqlənsin və parlamentlə hökumətin fəaliyyətindəki əlaqələr güclənsin, yeni məsələlər qaldırılsın. İlk növbədə 2009-cu ilin büdcəsinə yenidən baxılmasının sürətləndirilməsi çox vacibdir. Kənardan pul gəlməsi məhdudlaşıb. Ona görə maliyyə amnistiyasının verilməsini vacib hesab edirəm.
Əmanətlərin sığortalanması 3 faizə düşdüyünə görə bu gün 5,4 faizlik əmanət yoxdur ki, sığortalansın. Əmanətlərin sığortalanması faktiki surətdə havadan asılıdır. “Əmanətlərin sığortalanması” və “Bank haqqında” qanunlara dəyişiklik edilsin. Əlavə dəyər vergisinin, mənfəət vergisinin, sosial sığortaya ayırmaların aşağı salınmasının iqtisadi fəallığının artırılması istiqamətində qanunvericilikdə dəyişiklik edilsin. Bir də, dövlət taxılın bir hissəsini sifarişlə almaqla kənd təsərrüfatının inkişafı istiqamətində...
Sədrlik edən. Sağ olun. Əli müəllim, dövlət də əmanətlərin sığortalanması barədə fikirləşir, qanun layihələri də hazırlanır. Gəlin gözləyək, hökumət hesabatını versin, o vaxt fikirlərimizi söyləyərik. Siz niyə hesab edirsiniz ki, bu haqda fikirləşmirlər. Mən Sizi əmin edirəm ki, bu istiqamətdə işlər gedir. Qüdrət Həsənquliyev, buyurun.
Q. Həsənquliyev. Hörmətli millət vəkilləri, media nümayəndələri! Mən iki məsələyə münasibətimi bildirmək istəyirəm. Birincisi, Azərbaycan parlamentində belə bir ənənə formalaşıb ki, hökumətin hesabatı zamanı yalnız iqtisadi sahəyə cavabdeh olan şəxslər ölkədəki iqtisadi vəziyyətlə bağlı hesabat verməlidirlər. Amma bizim Konstitusiyaya görə, hökumət hesabat verir. Bu hesabata Xarici İşlər Nazirliyi də, Müdafiə Nazirliyi də, digər güc strukturları da daxil edilməlidir. Oqtay müəllim, mən bu məsələni ona görə qaldırıram ki, hökumətin növbəti hesabatına bütün nazirliklər dəvət edilsin. Şəxsən mənim Xarici İşlər Nazirliyinə ünvanlanacaq suallarım var. Bizə Türkiyə–Ermənistan, Azərbaycan–Türkiyə münasibətləri ilə bağlı məlumat versin. ATƏT-in Minsk qrupunun son bəyanatı ilə bağlı açıqlama verilsin və Azərbaycanın atdığı addımlar barədə Milli Məclis üzvləri məlumatlandırılsın.
Mən hesab edirəm ki, Minsk qrupunun həmsədrləri, ümumiyyətlə, Azərbaycana buraxılmamalı idi. Azərbaycan onlardan imtina eləməli idi. Əgər vasitəçi ölkələr Azərbaycanın BMT Nizamnaməsinə uyğun olaraq öz torpaqlarını azad etmək hüququnu bəyan etməsinə etirazlarını bildirirlərsə, hansı ədalətli vasitəçilikdən söhbət gedə bilər? Niyə bilə-bilə onların ermənipərəst mövqeli vasitəçilik missiyasından istifadə edirik?
Türkiyə–Ermənistan münasibətləri ilə də bağlı bir neçə kəlmə demək istəyirəm. Bilirsiniz, Türkiyənin xarici işlər naziri Babacan rəsmən bildirib ki, hətta üçüncü dövlətlər Türkiyə–Ermənistan münasibətlərinin yaxşılaşmasına xidmət eləməlidirlər. Hətta belə çıxır ki, bura Azərbaycan da daxildir. Biz çalışmalıyıq ki, Türkiyə–Ermənistan münasibətləri yaxşılaşsın. Biz qardaş millətlərik, bu barədə açıq danışmaq lazımdır. Mən bilmək istəyirəm ki, bu istiqamətdə Xarici İşlər Nazirliyi hansı işləri görür. Bu barədə Milli Məclisə məlumat verməlidir.
Güc strukturları ilə bağlı da fikrimi qeyd eləmək istəyirəm. Bu yaxınlarda müdafiə nazirinin müavini general-leytenant Rail Rzayev öldürüldü. Azərbaycan daim bəyan edib ki, biz Avropaya inteqrasiya xətti yürüdürük. Amma Avropa ölkələrində belə hadisələr baş verərkən onların atdığı addımlar, təcrübə öyrənilmir. Belə hadisə baş verən istənilən normal ölkədə güc strukturlarının rəhbərləri, yaxud müvafiq şəhərdə güc strukturunun rəhbəri dərhal brifinq keçirir, jurnalistləri, ictimaiyyəti məlumatlandırır. Çox təəssüf ki, bu günə qədər qətl hadisəsi ilə bağlı respublika ictimaiyyətinə normal məlumat verilməyib. İctimaiyyətə bu cür sayğısız münasibəti isə heç cür başa düşmürəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Milli Məclisdə Türkiyə–Ermənistan münasibətlərinə dair məsələlər tez-tez səslənir. Mən bu barədə öz fikrimi söyləmək istəyirəm. Ulu öndər də söyləmişdi ki, biz bir millət, iki dövlətik. Türkiyə dövlətinin öz maraqları, Azərbaycanın öz maraqları var. Ancaq bununla belə, bilirik ki, Atatürkün bir kəlamı olmuşdu ki, Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir. Bu məsələlər indi də bir-birini tamamlayır. Bu yaxınlarda Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan da açıqlamasında dedi ki, Azərbaycanın marağına zidd olan heç bir addım atılmayacaq. Hər cür söhbət ola bilər, amma bu söhbətlər axıra çatmalıdır. Hər sözü üzərimizə götürməli deyilik. Türkiyə böyük dövlətdir, öz siyasəti var. Yəqin, öz siyasətində dostluğu, qardaşlığı – Azərbaycanı yaddan çıxarmayacaq. Pənah Hüseyn.
P. Hüseyn. Təşəkkür edirəm, möhtərəm Sədr. Bu gün Azərbaycan müstəqil dövlətinin qurucu atalarından biri, Azərbaycan milli hərəkatının və Azərbaycanın müstəqilliyinin bərpa olunması uğrunda mücadilənin böyük lideri Məhəmməd Əmin Rəsulzadənin ölüm günüdür. Mən çıxış üçün mənə ayrılan üç dəqiqənin bir dəqiqəsini böyük öndərimizin xatirəsini yad etmək üçün sükutla ayaq üstə durmağa dəvət edirəm. Rəsulzadə hörmətinə, Azərbaycan milli dövlətçiliyimizin ənənələrinə və Rəsulzadənin timsalında bizim dövlətin qurucu atalarına hörmət əlaməti olanları da həmin sayğı duruşuna dəvət edirəm. (Hamı ayağa qalxır.) Allah rəhmət eləsin.
Möhtərəm Sədr, möhtərəm deputatlar! Çox təşəkkür edirəm və bu böyük ciddi hadisə ilə bağlı demək istədiklərimi saxlayıram və çıxışımı dayandırıram. Təşəkkür edirəm.
Sədrlik edən. Ayağa durmaq böyük, əlamətdar hadisə deyil. Məhəmməd Əmin Rəsulzadə Azərbaycanın müstəqilliyini qazandığı dövrlərdə rolu olan bir insandır, ona görə yad elədik. Bunu başqa cür, ciddi bir hadisə kimi qələmə vermək, xahiş edirəm, lazım deyil. Siyavuş Novruzov.
S. Novruzov. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli millət vəkilləri! İlk növbədə mən də qadınlarımızı təbrik edirəm, bütün Azərbaycan qadınlarına can sağlığı, uğurlar arzu edirəm! Mən bir başqa məsələ ilə əlaqədar çıxış etmək istəyirəm. Ombudsmanın hesabatından sonra fikrimi daha geniş şəkildə ifadə edəcəyəm.
Mən, əsasən, ABŞ-ın Dövlət Departamenti tərəfindən verilən illik ənənəvi hesabatlarla bağlı danışmaq istəyirəm. Oqtay müəllim, tutuşdursanız, görərsiniz ki, bu hesabat 2005-ci ildən bu günə qədər, bəlkə də ondan qabaq yayılan hesabatlardan fərqlənmir. Heç şəxslərinin də adı dəyişdirilmədən təqdim olunur. Cəmiyyətə çatdırılır ki, Azərbaycanda bu hadisələr baş verib. Halbuki bu hesabatın üzərində heç kəs işləməyibdir. Heç maraqlanmayıblar ki, bu hesabat nə ilə əlaqədardır. Orada göstərilən sahələrlə bağlı Amerikada vəziyyət bizdən beş dəfə pisdir.
Mən insan hüquqları ilə bağlı olan hesabatdakı məsələlərə bənd-bənd toxunacağam. Amma ümumilikdə götürəndə, mənbə də bəlli deyil. Heç olmasa, yazsınlar ki, hansı mənbəyə əsaslanıblar, bu mənbənin müəllifi kimdir? Göstərirlər ki, bu hesabat Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət və müəyyən hüquq müdafiə təşkilatlarının bizə təqdim etdiyi sənədlər əsasında hazırlanıb. Biz həmişə hərtərəfli informasiyanın alınması üçün alternativ məsələsini irəli sürürük. İndi bu qeyri-hökumət təşkilatı hansı təşkilatdır? O hansı hüquq müdafiə təşkilatıdır ki, bu məsələləri onlara çatdırır? Siz ombudsmanın hesabatını götürün, ayrı-ayrı təşkilatlara müraciət eləyin. Bunun üzərində bir işləyin, görün uyğun gəlirmi? Uyğun gəlməyən bir hesabatın ortaya çıxarılması ədalətsizlikdən xəbər verir. Ədaləti təmsil etmək istəyən başqa bir yerdə ədalətsizliyə yol verir, dövlətlərin və xalqların hüquqlarını pozur.
Mən hesab edirəm ki, bu, SSRİ dövrü deyil. Soyuq müharibə dövründə insan hüquqları ilə bağlı Amerika Birləşmiş Ştatlarının ənənəvi hesabatları vardı. İndi hər bir müstəqil dövlət digər dövlətə özü irad tuta bilər. Heç bir dövlət hegemon deyil ki, başqasına irad tutsun və göstəriş versin. Mən hesab edirəm ki, bu məsələ parlamentdə müzakirə olunmalıdır. Amerika Birləşmiş Ştatlarının Konqresinə, Dövlət Departamentinə müraciət olunmalıdır ki, bir sənədi birtərəfli şəkildə yox, bütün tərəflərin məlumatları əsasında hazırlasınlar. Hansı təşkilata qrant verirlərsə, o təşkilatın məlumatını hesabata daxil ediblər. Mən hesab edirəm ki, bu, doğru deyil. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Sabir Rüstəmxanlı.
S. Rüstəmxanlı. Hörmətli Sədr, hörmətli Milli Məclis! Bizə yanaşmanın bir tərəfinə indi Siyavuş bəy toxundu. Doğrudan da, Azərbaycana münasibətdə bir sıra böyük dövlətlərin qeyri-obyektiv mövqe tutduqlarını hamımız bilirik. Bircə faktı deyim. Böyük dövlətlər tərəfindən vətəndaş cəmiyyətinin, qeyri-hökumət sektorunun inkişafı, hətta insan alveri kimi çox ciddi bir problemlə bağlı işğalçı Ermənistana və qonşumuz Gürcüstana ayrılan vəsait Azərbaycana ayrılandan 10–20 dəfə artıqdır. Deməli, işğal olunan, əziyyət çəkən, ağır vəziyyətdə olan və eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə xidmət eləyən də bizik, daim anormal münasibəti görən də bizik. Ona görə, şübhəsiz, bu məsələlərdə Azərbaycan tərəfi öz mövqeyini aydın bildirməlidir.
Oqtay müəllim, mənim toxunmaq istədiyim 2 məsələ var. Bunun birinə Cəmil müəllim qismən toxundu. Mən bu günlər o yağmurlu havalarda təsadüfən Abşeron kəndlərinə çıxmışdım. Dərnəgüldən başlayaraq Bülbülə, Zabrat, o tərəfdə Maştağa kəndlərinin içindən keçmək mümkün deyil. Bu qədər yollar çəkilir, abadlığa pul ayrılır, vəsait xərclənir, amma yenə də elə 10 il əvvəlki kimi, o kəndlərin içində su axıdıcı qurğular yoxdur. Camaatın evləri-eşikləri suyun altında qalır. Mən bunu görəndə, doğrusu, heyrətə gəldim. Mən hesab edirəm ki, Bakıda torpaq azdır, sıxlıqdır, hökmən Abşeron haqqında, Abşeron kəndləri haqqında ciddi bir qərar qəbul olunmalıdır. Siz bilirsiniz, indi regionlardakı ən ucqar kəndlər Bakının böyründəki kəndlərdən abaddır. Şərait də buradan yaxşıdır. Deməli, hava bir az qaralan kimi, dəyişən kimi, Bakının böyründəki Sulutəpə, Masazır kəndlərinin işığı sönür, qaz kəsilir. Paytaxtın böyründə əhali bu cür yaşaya bilməz.
İkinci, ümumiyyətlə, Bakı haqqında da bir qanun qəbul olunmalıdır. Bakıda tikinti sahəsində hərc-mərclik baş alıb gedir. Bu gün parkı hasara alırlar, sabah görürsən ki, ağacların yarısı yoxdur. Ya yerində ev tikilir, ya da otu dəyişiblər, filan qədər vəsait xərclənib.
Digər toxunacağım məsələ xidmət xərcləri ilə bağlıdır. Bu, bəlkə də dünyanın heç bir ölkəsində olmayan bir şeydir. Adi telefon xərclərini götürün, Almaniyadan bir 10 dəfə bizdə bahadır. Nəyə görə, biz onlardan 10 dəfə yaxşı yaşayırıq? Monopoliya imkan vermir ki, telefon sahəsində də, başqa xidmət sahəsində də Azərbaycan vətəndaşları rahat nəfəs alsınlar. Xahiş edirəm ki, bu məsələlərlə bir az ciddi məşğul olaq. Sağ olun.
Sədrlik edən. Sağ olun. Fazil Mustafa.
F. Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Növbəti həftə Nazirlər Kabinetinin hesabatı olacaqdır və mən də hesab edirəm ki, biz mütləq bu ənənəni, yəni müdafiə, dövlət təhlükəsizliyi, ictimai asayiş orqanlarının, xarici əlaqələr sahəsini tənzimləyən orqanların hesabat dövründə parlamentin işində iştirakını əvvəl-axır təmin etməliyik. Bunu bir məntiqlə izah eləmək istəyirəm. Nazirlər Kabinetinin hesabatı bizim hamımıza paylanıb. Həmin hesabatda bu qurumların hamısının hesabatı öz əksini tapıb. Çox maraqlıdır, əgər onlar parlamentdə hesabat vermirlərsə, onda bu hesabat bizə niyə göndərilibdir? Özləri iştirak eləmirlərsə, bunu bizə yazılı təqdim eləməyin nə əhəmiyyəti qalır? Ona görə də hesab edirəm, parlamentin nüfuzu üçün vacibdir ki, Nazirlər Kabinetinin bütün üzvləri burada iştirak eləsinlər və ən azı müəyyən deputatları maraqlandıran suallara cavab versinlər.
İkinci, mən həmkarım Qənirə Paşayevanın təklifini dəstəkləyirəm. Biz Ermənistandan ilk deportasiyanın 60 illiyini dövlət səviyyəsində yüksək şəkildə qeyd eləməliyik. Beynəlxalq konfransın keçirilməsindən tutmuş, hətta Prezident fərmanı səviyyəsində bu tədbirlərin müəyyən olunmasına qədər fəaliyyəti artırmalıyıq, çünki bu, əlimizdə olduqca ciddi bir təbliğat mexanizmi kimi istifadə oluna biləcək tarixi şansdır.
Digər bir məsələ. Televiziyadan, mətbuatdan tez-tez eşidirik, dünyada iqtisadi böhran getdiyi vaxtda sahibkarlara dövlət yardımı mexanizmi işə düşür. Azərbaycanda isə tərsinədir, sahibkarların daha çətin vəziyyətə salınması prosesi gedir. Təbii ki, müxtəlif qurumlar vasitəsilə sahibkarlardan qeyri-qanuni haqların alınması bilinən bir reallıqdır. Yəni bunun üzərinə getmirik, bəzən deyirlər ki, bu, Azərbaycanda elə bəlkə də dövlətin müəyyən mənada işlək formalarından biri kimi artıq hamı tərəfindən qəbul olunur. Amma Binə yarmarkasında günün günorta çağı 4 mindən artıq sahibkarın obyektini sökürlər. Qoyun, yeri hazır olsun, sonra sökün. Bu insanlar evlərinə çörək aparırsa, qazanc aparırsa, onlara bu qədər sayğısız yanaşmağın nə mənası var? Niyə qazanc gətirən, dövlətə gəlir verən insanların bu qədər sıxışdırılmasına yol verilir?
Digər deyəcəyim məsələ hicabla bağlıdır. Xatırlayırsınızsa, Təhsil haqqında qanunda biz bu məsələni açıq buraxdıq. Çox təəssüf ki, bu gün orta məktəblərdə narkomaniyaya, şagirdlərin siqaret çəkməsinə, qeyri-əxlaqi hərəkətlərinə qarşı o qədər kəskin mübarizə aparılmır. Hicaba qarşı həm də qeyri-hüquqi yolla mübarizə aparılır. Buyurun, parlamentdə qanun qəbul edilsin, qadağan olunsun. Qadağan olunandan sonra rəsmi formada orta məktəblərdə də bunu tətbiq edin. Amma nə qədər ki qadağa yoxdur, bu cür tədqiqat doğru deyil.
Sədrlik edən. Hörmətli Fazil müəllim, deyirsiniz, amma hamısı yadınızda deyil. Milli Məclis hicab haqqında qanun qəbul edən təşkilat deyil. Biz dedik ki, bu məsələni nazirlik öz qərarı ilə həll edir. Xahiş edirəm, hər bir məsələni Milli Məclisin səviyyəsinə, qanun səviyyəsinə çıxarmaq lazım deyil.
İkinci, bilirsiniz ki, məktəbli forması haqqında nazirin öz qərarı oldu, yəni bu məsələləri təzədən təkrarlamağın mənası yoxdur.
Binə bazarı haqqında danışdınız. Mən biləni, bir ildən yuxarıdır ki, onlara yer verilib və tapşırılıb ki, köçsünlər. Bir ilə oranı hazır edə və köçə bilməyiblər. Bu öz işləridir. Yəni hazır eləməli idilər, vaxtları var idi. Dövlətin də öz proqramı var, yol çəkir, iş görür. Əgər belə getsə, ora heç beş ilə də boşalmayacaq. Yer ayrılıb, buyursunlar, tiksinlər, köçsünlər.
Artıq 35 dəqiqədir ki, cari məsələləri müzakirə edirik. Mən hesab edirəm, kifayətdir. Gündəliyin müzakirəsinə keçirik. Gündəliyin birinci məsələsi Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə yeni işçi qrupunun yaradılması, mövcud işçi qrupunun tərkibində dəyişiklik edilməsi haqqındadır. Siyahı sizə verilib. Bilirsiniz ki, Azərbaycanın Böyük Britaniya parlamenti ilə dostluq qrupu mövcuddur. Ancaq bundan başqa, İrlandiya və Şotlandiya var. İrlandiya ilə yeni dostluq qrupunun yaranması həm onların tərəfindən, həm də bizim tərəfimizdən arzu olunub. Siyahı sizdə var, müraciət edənlər bu qrupa daxil ediliblər. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 12.35 dəq.)

Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 95
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Gündəliyin ikinci məsələsi Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi haqqındadır. Buyurun, hörmətli Elmira xanım. Elmira xanım, hesabata hamımız baxmışıq. Çıxış üçün Sizə neçə dəqiqə lazımdır?
E. Süleymanova. 40 dəqiqə.
Sədrlik edən. Yox, 40 dəqiqə çox olar, çünki hesabatı hamı oxuyub. Daha çox müzakirəyə vaxt saxlamaq lazımdır. Ona görə 25 dəqiqə kifayət edər. Buyurun.
E. Süleymanova, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman).
Hörmətli Sədr, hörmətli millət vəkilləri! Ən əvvəl mən hörmətli Mehriban xanım başda olmaqla burada əyləşən qadın millət vəkillərimizi və Azərbaycanın hər bir qadınını üzümüzə gələn 8 Mart Beynəlxalq qadınlar günü münasibəti ilə təbrik edirəm, onlara ən xoş arzularımı çatdırıram!
İcazə verin, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında Konstitusiya qanununa müvafiq olaraq, 2008-ci ili üzrə son məruzəmi diqqətinizə çatdırım. Məruzənin mətni sizə paylanıb və siz artıq onunla tanışsınız.
2008-ci il bütövlüklə xalqımız üçün uğurlu oldu. Vətəndaşlarımız böyük fəallıqla seçki hüququnu gerçəkləşdirdilər, cənab İlham Əliyevi yeni müddətə Prezident seçdilər. Azərbaycan Respublikası Prezidentinin seçkiləri günü əməkdaşlarımızla birlikdə Bakı şəhəri və ölkəmizin 51 rayonunda 96 seçki dairəsi və 356 seçki məntəqəsində seçkiləri müşahidə etdik. Hamımız bu seçkilərin azad, demokratik, şəffaf, ədalətli və qanunvericiliklə müəyyən edilmiş qaydada, nizam-intizamla, mütəşəkkil, seçicilərin böyük fəallığı ilə keçirilməsinin şahidi olduq. Seçkilər ərəfəsində ölkənin 54 rayonunun hər birində Milli Məclisin deputatlarının, mərkəzi dairə və məntəqə seçki komissiyalarının, məhkəmə, prokurorluq, polis və yerli icra hakimiyyəti orqanlarının, bələdiyyə, qeyri-hökumət təşkilatları və icmaların, KİV-lərin iştirakı ilə keçirdiyimiz ictimai dinləmələr və geniş maarifləndirmə işinin təşkili öz səmərəsini verdi.
Seçkilər ərəfəsində Venesiya Komissiyasının tövsiyələri nəzərə alınmaqla “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanuna dəyişikliklər nəticəsində yığıncaqların, mitinqlərin, küçə yürüşlərinin, piketlərin keçirilməsi zamanı əvvəlcədən razılıq almaqla bağlı müddəa “qabaqcadan yazılı surətdə xəbərdar etmə” müddəası ilə əvəz edildi, hər bir rayon və şəhərdə həm açıq havada, həm də örtülü yerlərdə aksiyaların və tədbirlərin keçirilməsi üçün şərait yaradıldı. Beynəlxalq qurumlar tərəfindən də bu seçkilərin standartlara uyğun keçirildiyi göstərilmişdir. Həmin seçkilər dövründə seçki hüququnun pozulması ilə bağlı Müvəkkilin ünvanına heç bir şikayət daxil olmamışdır.
2008-ci ildə iqtisadiyyatın dinamik inkişafı və “2004–2008-ci illər üçün regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı”nın uğurla həyata keçirilməsi, neft gəlirlərinin qeyri-neft sektorunun inkişafına və əhalinin sosial rifahı, yaşayış səviyyəsinə yönəldilməsi nəticəsində müntəzəm olaraq əmək haqqının, pensiyaların, sosial müavinətlərin artırılması, bütün ölkə ərazisində geniş abadlıq işlərinin aparılması, 766 min iş yerinin açılması və yoxsulluğun 13,2 faizə endirilməsi, insanların bir sıra siyasi, iqtisadi, sosial və mədəni hüquqlarının təmin olunması üçün real şərait yaratdı. Siyasi sabitliyin bərqərar olması, idarəetmənin təkmilləşdirilməsi, qanunların aliliyinə, bütövlükdə insan hüquqlarına hörmətin və vətəndaşların dövlət qurumlarına etibarının artması, korrupsiya və insan alverinə qarşı mübarizənin genişləndirilməsi, müxtəlif vaxtlarda qəbul edilmiş amnistiya haqlarının, əfv fərmanlarının tətbiqi, əhalinin hüquqi maarifləndirilməsi üzrə tədbirlərin həyata keçirilməsi, müxtəlif sahələrdə ictimai nəzarət qurumlarının yaradılması xüsusi əhəmiyyət kəsb etmişdir.
Ümumilikdə, dövlət qurumları, bələdiyyələr, vəzifəli şəxslər tərəfindən pozulmuş hüquqların bərpası üçün təsis olunmuş Müvəkkil təsisatı öz vəzifəsini geniş şəkildə həyata keçirmiş və eyni zamanda, fəaliyyətini əhalinin bütün qruplarının, – qaçqın, məcburi köçkün, miqrant, məhkum, hərbi qulluqçular, qadın, uşaq və sair, – milli və dini azlıqların hüquqlarının müdafiəsinə yönəltmişdir. Nöqsan və çatışmazlığın aşkar edildiyi bütün hallarda Müvəkkil vəzifəli şəxsləri konstruktiv tənqid etməklə yanaşı, onlarla faydalı əməkdaşlıq münasibətləri qurmağa nail olmuş, bir çox hallarda problemlərlə bağlı irad və təkliflərini kəskin şəkildə qoymuş, onların aradan qaldırılması üçün tədbirlər görmüşdür. Artıq cəmiyyətdə “insan hüquqları” anlayışına münasibət və bu məfhuma həm dövlət qurumları, həm də vətəndaşlar tərəfindən yanaşma tərzi dəyişmişdir.
Qərarları imperativ xarakter daşımayan Müvəkkil bu dövrdə dövlət qurumları ilə işgüzar əməkdaşlıq qurmağı mühüm amil kimi qiymətləndirmiş, bu baxımdan bir sıra dövlət qurumları ilə, o cümlədən Baş prokurorluq, Ədliyyə, Milli Təhlükəsizlik, Daxili İşlər, Mədəniyyət, Səhiyyə, Təhsil və başqa nazirliklərlə və bütün komitələrlə işgüzar əlaqələr yaratmışdır. Bu əlaqələr çox faydalı olmuşdur. Müvəkkilin aldığı hər bir şikayət üzrə, bəzən isə öz təşəbbüsü ilə araşdırmalar aparılmış, əksər hallarda pozulmuş hüquqlar bərpa olunmuşdur.
Əvvəlki illə müqayisədə insan hüquqları və azadlıqlarının səmərəli təmin edilməsi, müdafiəsi və bərpası istiqamətində dövlət qurumları ilə əməkdaşlıq sahəsində əhəmiyyətli irəliləyiş əldə edilmişdir. Məsələn, şəxsiyyət vəsiqəsinin verilməsi, pensiyaların düzgün hesablanması, torpaq problemləri, habelə bir sıra başqa məsələlərlə bağlı şikayət nisbətən azalmışdır. Lakin bəzi çatışmazlıqlar və çətinliklər hələ də qalmaqdadır. Belə ki, ünvanlı sosial yardımların müəyyən edilməsi və verilməsi, məhkəmə qərarlarının icra olunması, vətəndaşların mülkiyyətində olan tikililərin və torpaqların dövlət və ictimai ehtiyaclar üçün alınması prosesində ciddi nöqsanlar olmuşdur. Notariat orqanlarının, tibbi-sosial ekspert komissiyalarının, bələdiyyələrin, eyni zamanda, mənzil və kommunal xidmət sahələrinin fəaliyyətindəki nöqsanları da bura daxil etmək olar.
Daxili İşlər Nazirliyi ilə birlikdə vətəndaşların şəxsiyyət vəsiqəsi ilə təmin olunmasının monitorinqi aparılmış və bu məsələ öz həllini tapmışdır. Ötən il daxil olan şikayətlərdə vətəndaşların polis əməkdaşları tərəfindən kobud rəftara, təhqirə, ləyaqəti alçaldan hərəkətlərə məruz qalması halları öz əksini tapmışdı. İşgəncə, yaxud ləyaqəti alçaldan istənilən rəftarın əks edildiyi hər bir şikayət üzrə araşdırmalar aparılmış, zəruri hallarda Azərbaycan Respublikasının Baş prokuroruna, Daxili İşlər Nazirliyinə müraciət edilmiş və tədbirlər görülmüşdür.
Təsisatda fəaliyyət göstərən çevik araşdırma qrupu tərəfindən rayon və şəhər polis orqanlarının müvəqqəti saxlama yerlərinə, habelə istintaq təcridxanalarına müntəzəm olaraq çoxsaylı baxışlar keçirilmişdir. Saxlanılan şəxslərlə təkbətək söhbət edərək onların saxlanma şəraiti, tibbi yardım və onlara qarşı rəftar təhlil olunmuşdur. Bütün ölkə üzrə yerli polis orqanlarının müvəqqəti saxlama təcridxanalarında əsaslı təmir və yenidənqurma işləri aparılmışdır. Bu standartlara uyğun dəyişikliklər insan hüquqlarının təmin olunmasına da zəmin yaratmışdır. Daxili işlər nazirinin göstərişi ilə ölkənin bütün şəhər və rayonlarının polis şöbələrində və bölmələrində qaynar xəttin telefon nömrəsi və “işgəncələr haqqında məlumatı ombudsmana ötür” başlığı ilə elanlar yerləşdirilmişdir.
Təhqiqat və ya istintaq işi sahəsində çalışan bəzi polis əməkdaşlarının qeyri-peşəkarlığı və ya cinayət işinin üstünü bilərəkdən ört-basdır etmək cəhdləri, habelə toplanmış materiallar üzrə yoxlamaları natamam aparması, prosessual pozuntulara yol verməklə cinayət işinin başlanmasının rədd edilməsi haqqında əsassız qərar qəbul etməsi vətəndaşların çoxsaylı şikayətlərinə səbəb olmuşdur. Həm də Dövlət Yol Polisi əməkdaşlarının sürücülərə qarşı kobud rəftarı, müəyyən olunmuş cərimədən artıq pul tələb edilməsi halları olmuşdur.
2008-ci ildə daxili işlər orqanlarının fəaliyyətində təsdiq olunmuş 113 fakta görə 154 nəfər cəzalandırılmışdır. Bunlar şəxsi həyatın toxunulmazlığının pozulması, polisə əsassız gətirilmə, əsassız məsuliyyətə cəlbetmə, sürücülərin hüquqlarının pozulması, vətəndaşlarla kobud rəftar, onların müraciətlərinin qeydiyyatdan gizlədilməsi, istintaq zamanı zərərçəkmişin hüquqlarının pozulması ilə bağlı olmuşdur.
Şikayətlərdə əks edilmiş halların yoxlanılması məqsədi ilə Müvəkkilin prokurorluq orqanlarına müraciətləri əsasında bir sıra hallarda cinayət işinin başlanılmasının rədd edilməsi, cinayət işlərinə xitam verilməsi, cinayəti törətmiş şəxsin müəyyən edilməməsi səbəbindən cinayət işi üzrə icraatın dayandırılması haqqında qərarlar ləğv edilmiş, əlavə araşdırmaya və ya istintaqa qaytarılmışdır. İl ərzində aparılan xidməti yoxlamalar nəticəsində qanun pozuntularına və nöqsanlara yol verdiklərinə görə 26 nəfər prokurorluq işçisi cəzalandırılmışdır.
Konstitusiya qanununa görə Azərbaycan Respublikası hakimlərinin fəaliyyətinin yoxlanılması Müvəkkilin səlahiyyətlərinə daxil olmasa da, süründürməçiliklə, sənədlərin vaxtında verilməməsi və prosedur qərarların pozulması ilə bağlı insan hüquqlarının pozulmasına dair çoxsaylı şikayətlərə baxılmışdır. Müvəkkilin ünvanına məhkəmə qərarlarının icra edilməməsi ilə əlaqədar daxil olmuş çoxsaylı şikayətlərin təhlili göstərir ki, həmin qərarların böyük bir hissəsi öz işinə məsuliyyətsiz, qərəzli yanaşma, vətəndaşlara qarşı laqeyd və biganə münasibətin nəticəsində icrasız qalmışdır. İcrası ləngidilən məhkəmə qətnamələri arasında əmlakın qaytarılması, mənzil sahəsindən çıxarılma, zəbt edilmiş mənzilin boşaldılması, aliment və əmək haqqı üzrə borcların ödənilməsinə dair qətnamələr nisbətən çoxluq təşkil etmişdir. Yeri gəlmişkən, məhkəmə qərarına uyğun olaraq uşağın saxlanılması üçün müəyyən edilmiş alimentin sonradan borcludan məcburi qaydada alınması şərti ilə Dövlət Sosial Müdafiə Fondu və yaxud xüsusi aliment fondu yaradılması təklif edilmişdir. Hüquq mühafizə orqanlarının bəzi əməkdaşlarının qanunazidd hərəkətlər törətməsinin qarşısının alınması məqsədi ilə bu orqanlarda korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi zəruridir.
Müdafiə Nazirliyinin ehtiyatda olan hərbi qulluqçulara əşya əmlakı üzrə pul kompensasiyasının ödənilməsi məsələsi uzun illər davam edən bir proses olmuşdur. Müvəkkilin Azərbaycan Respublikasının Baş nazirinə müraciətlərindən sonra görülmüş tədbirlər nəticəsində bu problem həll olunmuşdur. Müvəkkil fəaliyyətinin ilk ilində nizamnamədənkənar münasibətlərin qarşısının alınması, intizamın gücləndirilməsi, əsgərlərə ayrılan ərzaq payının tam və keyfiyyətli şəkildə onlara çatdırılması, çağırış prosesində aşkarlığın təmin edilməsi, hərbi vəzifəli şəxslərin məsuliyyət hissinin artırılması məqsədi ilə orduda ictimai nəzarət institutunu tətbiq etmiş və hazırda bu məsələ müzakirə olunmaqdadır.
Qeyd edim ki, bəzən işgəncə mövzusunun istismarı və siyasi alver naminə istifadəsi hallarının da mövcudluğunu nəzərə alaraq dəfələrlə kütləvi informasiya vasitələri ilə bu problemlərlə məşğul olan bütün təşkilatlara birgə araşdırmalar aparılması təklif edilmişdir. İşgəncə və döyülmə hallarının əks olunduğu şikayətlərlə bağlı zəruri araşdırma aparılmadan onların hər birini fakt kimi cəmiyyətə təqdim etmək də yolverilməzdir. Məhkumların islah edilməsinə və penitensiar müəssisələrin fəaliyyətinə ictimai nəzarəti həyata keçirən ictimai komitə artıq uğurla fəaliyyət göstərir.
Kütləvi informasiya vasitələrinin nümayəndələrinin hüquqlarının müdafiəsi daim prioritet istiqamətlərdən olub. Bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilmişdir. Müvəkkil ötən dövrdə mətbuatın inkişafını özündə ehtiva edən məqsədli dövlət proqramının qəbul edilməsi və tətbiqini təklif etmişdir. Bu baxımdan ölkə Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” təqdirəlayiqdir. Müvəkkil “Azadlıq”, “Bi-Bi-Ci” və “Amerikanın səsi” radiolarının fəaliyyətinin bərpa edilməsi üçün Milli Teleradio Şurasına müraciətlər etmişdir. Müvəkkil ölkə Prezidentinin yanında Əfv məsələləri komissiyasına, Azərbaycan Respublikasının Prezidentinə müraciət edərək törətdikləri əmələ uyğun olaraq, habelə dünya təcrübəsində hüquq pozuntusuna yol vermiş kütləvi informasiya vasitələrinin nümayəndələrinin cəzalandırılması ilə bağlı alternativ üsulların mövcudluğuna diqqəti yönəldərək onların əfv olunmasını təklif etmişdir.
Şikayətlərin təhlili göstərir ki, özəl sektordakı bir sıra müəssisələr vətəndaşları əmək müqavilələri bağlamadan işə cəlb edir, gəliri gizlətməklə əmək haqqının ödənilməsindən yayınır, rəsmi və qeyri-rəsmi əmək haqqı cədvəllərindən istifadə olunur. Hesab edirəm ki, səlahiyyətli qurumlar bu istiqamətdə işlərini daha da gücləndirməlidirlər.
Ayrı-seçkiliyin aradan qaldırılması və sosial ədalət naminə işləyən pensiyaçıların pensiyalarının yenidən hesablanması məsələsinin “Əmək pensiyaları haqqında” Qanunda öz əksini tapması olduqca zəruridir. Müvəkkilin ünvanına yardımların təyin edilməsi ilə bağlı çoxsaylı şikayətlər oldu. Bu prosedurun sadələşdirilməsi üçün müvafiq qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edildi. Tibbi sosial ekspert komissiyalarında vətəndaşlara qarşı yol verilən süründürməçilik, özbaşınalıq, kobud rəftar, heç bir əsas olmadan sənədlərin qəbul edilməməsi, rüşvət tələb edilməsi kimi hallar çoxsaylı şikayətlərdə öz əksini tapıb.
Müvəkkilin ünvanına sağlam ətraf mühitdə yaşamaq hüququnun pozulması ilə bağlı daxil olan müraciətlər digər hüquqlar sırasında azlıq təşkil etsə də, əhəmiyyətinə görə olduqca önəmlidir. Artıq burada səsləndi, çoxillik ağacların kəsilməsi, yerli icra strukturları tərəfindən verilmiş qərarlar nəticəsində zeytunluğun qırılması, tikinti meydançaları ətrafındakı yaşıllıqların, uşaq meydançalarının ləğv edilməsi və bunların sahibkarlara verilməsi prosedurunun da qarşısı alınmalıdır. Ərzaq məhsullarının keyfiyyətinə nəzarətin gücləndirilməsi, mənbəyi məlum olmayan məhsulların satışa buraxılmasının qarşısının alınması və bu məqsədlə ictimai və müxtəlif müstəqil laboratoriyaların yaranması da məqsədəuyğundur.
Ölkənin müxtəlif yerlərindən müraciət etmiş vətəndaşların çoxsaylı problemləri ilə bağlı Müvəkkil tərəfindən Səhiyyə Nazirliyinə müraciətlər olmuşdur. Get-gedə bu müraciətlər daha çox nəzərə alınır və öz həllini tapır. Dövlət büdcəsindən maliyyələşdirilən və Səhiyyə Nazirliyinin tabeliyində olan müalicə-profilaktika müəssisələrində pullu xidmətlərin 2008-ci il 1 fevral tarixindən ləğv edilməsi müsbət qarşılanmışdır. Həm Bakı şəhərində, həm də regionlarda diaqnostika, o cümlədən hemodializ mərkəzlərin istifadəyə verilməsi bizə ünvanlanmış müraciətlərin sayının xeyli azalması ilə nəticələnmişdir. Sosial faktorlarla bağlı xəstəliklərlə, QİÇS-lə, vərəmin profilaktikası ilə bağlı geniş proqramlar qəbul olunmalı və maarifləndirmə işi aparılmalıdır. Dərmanların qiymətlərinin getdikcə bahalaşması və əhalinin böyük hissəsinin maddi imkanlarına uyğun olmaması saxta dərmanların qanunsuz dövriyyəsinə şərait yaratmışdır.
Ötən dövrdə Azərbaycanda 1600 yeni məktəb binası tikilmişdir və bu proses indi də davam etməkdədir. Ümumtəhsil məktəblərində tədris proqramlarının, dərsliklərin təkmilləşdirilməsi də son dərəcə zəruridir. Dövlət ali və orta ixtisas müəssisələrində ödənişli təhsil sistemində həvəsləndirmə üsulunun tətbiq edilməsi, yetim və valideyn himayəsindən məhrum olan uşaqların təhsil haqqından azad edilməsi məqsədəuyğundur. Bu da bu ilin – uşaq ilinin məqsədlərinə tam cavab verir. İnsan hüquqları orta ümumtəhsil və ali məktəblərdə müstəqil fənn kimi icbari qaydada tədris edilməlidir. Ümid edirəm ki, Təhsil haqqında qanun da yaz sessiyasında qəbul ediləcəkdir.
İstər orta qazanca malik, istərsə də aztəminatlı vətəndaşların imkanlarına müvafiq mənzillərin tikilməsi və satılması mexanizminin hazırlanması və tətbiq edilməsi tam zəruridir. İpoteka krediti yolu ilə mənzil almağa həvəsləndirməni və sosial ipoteka kreditinə keçilməsi mexanizminin hazırlanmasını zəruri hesab edirik. Kredit müddətlərinin uzadılmasına, faizlərin azaldılmasına, kreditin verilməsi üçün ailənin ümumi qazanc məbləğinin tələb edilən həddinə yenidən baxılmasına böyük ehtiyac var.
Bakı şəhərində və ona yaxın ərazilərdə bir qayda olaraq mənzil-istismar sahələrinin ərazi polis orqanlarının, yerli icra strukturlarının, bələdiyyələrin qeyri-rəsmi də olsa, razılığı ilə inşa edilmiş qanunsuz tikililərin hüquqi vəziyyəti həllini gözləyən böyük problemlərdəndir. Mənzil-istismar sahələrinin öz funksiyalarını yetərincə icra edə bilməməsi, sanitar vəziyyətə, zəruri təmir işlərinə diqqət yetirməməsi və sənədlərin verilməsi müqabilində artıq pul alınması şikayətlərdə geniş şəkildə əksini tapmışdır. Müasir tələblərə cavab verməyən Mənzil Məcəlləsinin yeni layihəsinin hazırlanması üzrə Milli Məclisdə aparılan işlər təqdirəlayiqdir.
Son zamanlarda bəzi qaz istismarı müəssisələrinin məsuliyyətsizliyi nəticəsində qazın bir sıra yerlərə qeyri-müntəzəm verilməsi mənzillərdə partlayışlara səbəb olmuş, bir neçə insanın ölümü ilə nəticələnmişdir. Böyük maddi və mənəvi ziyan vurulmuşdur. Qaz, elektrik enerjisi və su xidmətlərində hesablaşmaların düzgün aparılmaması da şikayətlərə səbəb olur. Borclu şəxslərə görə bütöv bir məhəlləyə və ya binaya qaz və su verilməməsi də nadir hal deyil.
İcra strukturları tərəfindən vətəndaşların mülkiyyətində olan yaşayış evinin və digər daşınmaz əmlakın məhkəmə qərarı olmadan və əvəzi ödənilmədən dağıdılması, qanuni istifadəçinin nəinki razılığı, hətta xəbəri olmadan tikinti sahələrinə ayrılması hüquqları pozulmuş insanların çoxsaylı şikayətləri ilə nəticələnmişdir. Tikinti şirkətlərinin fəaliyyətinə nəzarətin zəif olması, ətrafda yaşayan sakinlərin təhlükəsizlik, habelə sağlam ətraf mühitdə yaşamaq, sağlamlıq, mənzil, xüsusilə də mülkiyyət hüquqlarının pozulması ilə nəticələnmişdir.
Sahibkarlara süni maneələrin qarşısının alınması məqsədi ilə ölkə Prezidentinin sərəncamına uyğun olaraq vergi və gömrük orqanlarında, həmçinin miqrasiya proseslərinin idarə olunmasında “bir pəncərə” sisteminin tətbiq edilməsi böyük əhəmiyyət kəsb edir.
Məruzədəki təhlillər, verilmiş rəylər, irəli sürülmüş təkliflər bir daha onu deməyə əsas verir ki, həqiqətən də, ölkəmizdə insan hüquqlarının davamlı və ardıcıl inkişafı, o cümlədən demokratik təsisatların yaradılması istiqamətində böyük işlər görülür.
Beləliklə, ilk İnsan hüquqları üzrə müvəkkil (ombudsman) təsisatı özünün istər ölkə daxilində, istərsə də xaricdə gerçəkləşdirilmiş təşəbbüsləri və təcrübəsi ilə insan hüquqlarının məhkəmədən kənar müdafiəsini həyata keçirən mühüm bir qurumun gələcəkdə də səmərəli işləməsi üçün zəmin yaratmışdır. Bu baxımdan 2009-cu il 18 mart tarixində ümumxalq səsverməsinə çıxardılacaq referendum və müvəkkilin təklifi ilə ölkə Prezidentinin sərəncamına əsasən təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı” böyük əhəmiyyət kəsb edir. Bu planın icrasına müvəkkil nəzarət edir və bu, müntəzəm şəkildə həyata keçirilir. Artıq onun ikiillik nəticələri də hörmətli millət vəkillərinin iştirakı ilə müzakirə olunmuşdur. Yeri gəlmişkən, ümumi dövri icmalın Cenevrədə müzakirəsi zamanı çıxış etmiş 56 ölkənin nümayəndələrinin çoxu Azərbaycanda insan hüquqları sahəsində uğurları dəyərləndirərək müsbət təcrübə kimi ən çox Milli Fəaliyyət Planını və ombudsman təsisatını vurğulamışlar. Bu zaman nöqsan və qüsurlar da göstərilmişdir ki, bunlar sizə mətbuatdan bəllidir.
18 iyun tarixinin “Azərbaycan Respublikasında insan hüquqları günü” kimi qeyd edilməsi qərara alınmışdır. Bu gün ərəfəsində ölkənin bütün rayonlarında, şəhərlərində tədbirlər keçirilir və görülən işlər təhlil olunur.
“Uşaq hüquqları haqqında” Konvensiyanın 20 illiyi ilə bağlı müvəkkilin təklifi ilə cənab Prezident tərəfindən 2009-cu il “Uşaq ili” elan edilmişdir. Bu qərarlar uzunmüddətli olmaqla gələcək inkişafa da müsbət təsir göstərəcəkdir. BMT-nin “İşgəncələr və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növləri əleyhinə” Konvensiyasının Fakültətiv Protokoluna uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da preventiv mexanizmin funksiyalarını yerinə yetirən təsisat qismində Müvəkkil müəyyən edilmişdir. Mən andına uyğun müstəqillik, aşkarlıq, şəffaflıq, qanunçuluq, ədalət, qərəzsizlik prinsipləri əsasında fəaliyyət göstərən Müvəkkilə və bütün təsisata dəstəyinə və etimadına görə cənab İlham Əliyevə öz dərin minnətdarlığımı bildirirəm.
Bu günə kimi Müvəkkil tərəfindən bir dəfə də olsun gecikdirilmədən təqdim edilən illik məruzələr millət vəkilləri tərəfindən həmişə diqqətlə dinlənilmiş, nöqsan və qüsurlar göstərilmiş, onların həlli yolları ilə bağlı zəruri tövsiyələr verilmişdir. Bu da bizə böyük dəstək olmuşdur. Ölkənin şəhər və rayonlarında əhalinin problemlərinin həll olunmasındakı dəstəyə, insan hüquqlarının müdafiəsi istiqamətindəki birgə tədbirlərdə iştirakına görə hörmətli millət vəkillərinə təşəkkürümü bildirirəm.
Eyni zamanda, İnsan hüquqlarının təmin olunması və hüquqi maarifləndirmə işində ombudsmanla davamlı əməkdaşlığa görə bütün dövlət qurumlarına, qeyri-hökumət təşkilatlarına, kütləvi informasiya vasitələrinə minnətdaram. Bu müddət ərzində Müvəkkilə inam və etimad göstərmiş hər bir şəxsə, bütövlükdə xalqımıza öz dərin minnətdarlığımı bildirirəm. O xalqa ki, dünyaya Heydər Əliyev kimi dahi bir şəxsiyyət, böyük dövlət və siyasi xadim, ümummilli lider bəxş etmişdir. Onun uzaqgörənliyi ilə Azərbaycanda insan hüquqlarının inkişafında mühüm tarixi sənədə çevrilmiş insan hüquqlarının ilk dövlət proqramı təsdiq edilmiş, yeni ombudsman təsisatının özülü qoyulmuşdur. Ümummilli liderin bu vəzifəyə tövsiyəsi mənə müstəqil Azərbaycan Respublikasının ilk Müvəkkili ömrünü bağışlamışdır. Diqqətinizə görə sağ olun.

Azərbaycan  Respublikası  Milli  Məclisi  Sədrinin
müavini  B.Muradova  sədrlik  edir

Sədrlik edən. Çox sağ olun, Elmira xanım. 25 dəqiqə ərzində əsas məsələlərə diqqəti yönəldə bildiniz. Bu dövrdəki fəaliyyətinizə və məruzəyə görə Sizə təşəkkür edirik. Məruzə ətrafında çıxışlara başlayırıq. Əli Məsimli.
Ə. Məsimli. Çox sağ olun, Bahar xanım. Ombudsmanın məruzəsi ilə tanışlıq göstərir ki, birinci, Müvəkkil 2008-ci ildə mövcud reallıqlar çərçivəsində həm fəaliyyətini xeyli dərəcədə genişləndirmişdir, həm də məsələlərə operativ münasibət istiqamətində irəliyə doğru addım atılmışdır.
İkinci qeyd etmək istədiyim məsələ ondan ibarətdir ki, əvvəlki illərdə hörmətli millət vəkillərinin qaldırdığı məsələlərin xeyli hissəsi 2008-ci ilin məruzəsində öz əksini tapmışdır. Bunu konkret faktla, mənim qaldırdığım məsələlərin timsalında qeyd etmək istəyərdim. Mən martın 31-də Şəkidə keçirilən soyqırımına həsr olunmuş tədbirdə millət vəkilinin köməkçisinin iştirakını qeyd etmişdim. Demişdim ki, yerlərdə ombudsman təsisatı ilə millət vəkillərinin köməkçilərinin əlaqələri möhkəmləndirilsin. Bizim təşəbbüsümüzlə parlamentin 90 illiyi ilə əlaqədar Şəkidə keçirilən tədbirlərdə ombudsmanın yerli rəhbəri və işçilərinin iştirakını qeyd etmək istəyirəm. Mən təşəkkür edirəm, bu məsələ həm deputatın bülletenində, həm də deputat köməkçisinin fəaliyyətinə dair hesabatda öz əksini tapıb. Buna görə də mən Elmira xanıma təşəkkür edirəm ki, qaldırılan məsələ ilə əlaqədar artıq Şəkidə irəliyə doğru addım atılıb.
Digər bir vacib məsələni də qeyd etmək istəyirəm. Ombudsman özünün qanunla müəyyənləşdirilmiş səlahiyyətlərindən istifadə edərək əfv təşəbbüsü ilə çıxış etsin. Bu istiqamətdə də hörmətli Müvəkkil çıxış edib, 2 dəfə jurnalistlərin əfv olunması ilə bağlı müvafiq komissiyaya müraciət edib. “Atalar üçdən deyib” prinsipi ilə Müvəkkilin növbəti dəfə də jurnalistlərin əfvi ilə bağlı təşəbbüslə çıxış etməsini arzu edərdim.
Ombudsmanın məruzəsindəki statistika müsbət dinamikaya doğru hərəkət edir. Əgər Müvəkkilə müraciətlər 2007-ci ildə 6,7 faiz artmışdısa, 2008-ci ildə bu artım 9 faiz olmuşdur. Müraciətlərin 7900-dən 8600-ə qalxması Ombudsman institutuna inamın hələ davam etməsinin çox bariz nümunəsidir. Bu yaxşı haldır ki, müraciətlər xeyli dərəcədə artmışdı.
Ombudsman yeni institutdur. Güclülərin daha da gücləndirilməsi və ortababların da güclü səviyyəyə çatdırılması üçün bir sıra məqamların genişləndirilməsi istiqamətində müəyyən təkliflər zəruridir və həmin arzularımı bildirmək istərdim.
Birincisi, 2008-ci ilin məruzəsi bir növ yekun məruzəsi olduğuna görə yaxşı olardı ki, 2005, 2006, 2007-ci illərin məruzəsi ilə müqayisəli şəkildə, analitik bir tərzdə veriləydi. Onda əvvəlki illərlə müqayisədə 2008-ci ildə görülən işlərin dinamikası məruzədə əyani surətdə daha yaxşı görünmüş olardı. Gələcək fəaliyyətdə bu məqamın nəzərə alınması çox vacibdir.
İkincisi, 2006-cı il dekabrın 28-də Prezidentin sərəncamı ilə Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı təsdiq edilibdir. Artıq iki ildir ki, həmin plan həyata keçirilir. Bu istiqamətdə digər orqanlarla yanaşı, ombudsman institutunun da fəaliyyətinin görünməsi, koordinasiya məsələləri, planın yerinə yetirilməsində əldə olunan müsbət nəticələrin, eyni zamanda, çatışmazlıqların göstərilməsi ümumi işin xeyrinə olardı.
Üçüncüsü, ombudsmanın məruzəsindən də bilavasitə görünür ki, təkcə ayrı-ayrı məsələlərə münasibət bildirməklə kifayətlənmək azdır. Həmçinin qanunvericilik təşəbbüsü ilə çıxış etmək mümkündürsə, bu istiqamətdə də müəyyən səylər göstərilməlidir. Təcrübədən də görünür ki, hansı sahələrin qanunlarında çatışmazlıqlar, boşluqlar var, hansı sahələrə dair hələlik qanun yoxdur, bu istiqamətdə fəaliyyətinin inkişaf etdirilməsi çox vacibdir.
Məruzədə göstərilir ki, şikayət olunan orqanların içərisində məhkəmələr 16,1 faizlə birinci yerdə gedir. İkinci yerdə 8,7 faizlə prokurorluq, üçüncü yerdə 7 faizlə yerli icra təşkilatları, sonra isə 5,2 faizlə polis gəlir. Qeyd olunan konkret misalların çoxu dördüncü yerdə gedən polis orqanlarına aiddir. Birinci yerdə məhkəmə orqanları gedirsə, bura ilə bağlı problemlər daha çoxdursa, hesabatda əksini tapan misallar daha çox birinci yerdə gedən orqanın timsalında getməli idi. Xüsusilə məhkəmə qərarlarının yerinə yetirilməməsi istiqamətində problemlər, narazılıqlar çoxdur.
Məruzədən aydın görünür ki, Ombudsmanın qaldırdığı məsələlərlə bağlı dövlət icra hakimiyyəti orqanları içərisində fəaliyyəti qənaətbəxş hesab olunan təşkilatlarla yanaşı, işlərə məsuliyyətsiz yanaşanlar da vardır. Yaxşı olardı ki, həm birinci, həm də ikincilərə aid bir neçə misal çəkiləydi, Ombudsmanın qaldırdığı çox ciddi məsələləri qeyri-qənaətbəxş hesab edən təşkilatlara münasibət bildiriləydi və referendumdan sonra öz vəzifəsini lazımınca yerinə yetirməyən məmurlar barədə tədbirlər görüləydi.
Onu da qeyd edirəm ki, ombudsmanın məruzəsində qaldırılan məsələlərin bir hissəsi həddindən artıq ciddi xarakter daşıyır. Təəssüf ki, onlara bir sıra əlaqədar təşkilatlar vaxtında reaksiya vermirlər. Təklif edərdim ki, deputatların da adından sorğu formasında müraciətlər olsun ki, Ombudsman tərəfindən qaldırılan hər məsələyə ciddi yanaşılsın, onlar vaxtında həll edilsin.
Vacib hesab etdiyim məsələlərdən biri torpaq mülkiyyəti ilə bağlıdır. Dövlət ehtiyat fondları üçün götürülən torpaq sahələrinin, obyektlərin haqqı sahiblərinə ədalətlə, həm də vaxtında ödənilməlidir. Vəsaitin vaxtında ödənilməməsi, simvolik xarakter daşıması, dəyərdən düşməsi haqlı narazılığa gətirib çıxarır, mülkiyyəti əllərindən gedənlərə ikiqat ziyan vurulur. Bu istiqamətdə olan çatışmazlıqların Ombudsman institutu tərəfindən çox sistemli şəkildə ortaya çıxarılması, vaxtında aradan qaldırılması vacib amillərdən biridir.
Nəhayət, ünvanlı sosial yardım sahəsində son illərdə görülən işləri mən müsbət hesab edirəm. Əhalinin ən aşağı təbəqələri üçün belə bir mexanizmin yaradılmasına ciddi ehtiyac var. Ünvanlı sosial yardımları ilə bağlı şikayətlər də az deyil. Mən Ombudsmanın öz məruzəsində ünvanlı sosial yardımlara geniş yer verməsini təqdir edirəm və bu istiqamətdə fəaliyyətinin genişləndirilməsini arzulayıram. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Əli müəllim. Aydın Mirzəzadə. Çıxışların beş dəqiqəlik olmasına etiraz edən varmı? Yoxdur.
A. Mirzəzadə. Təşəkkür edirəm, Bahar xanım. Fürsətdən istifadə edərək mən də Azərbaycan qadınlarını qarşıdan gələn 8 Mart bayramı münasibəti ilə ürəkdən təbrik etmək istəyirəm. Azərbaycan xalqı bugünkü uğurlarının hər birində Azərbaycan qadınlarının yaxından iştirakını və imzasını görür. Bu gün hər bir Azərbaycan qadını bizim ölkədə yaşaması ilə fəxr edir və eyni zamanda, bu dövlətin qüdrətlənməsinə öz töhfəsini verir. Bu baxımdan mən də parlament üzvü kimi Azərbaycanın birinci xanımı, deputat həmkarımız hörmətli Mehriban Əliyevanı təbrik edir, onun fəaliyyətindən qürur hissi duyduğumu bildirirəm.
Hörmətli Bahar xanım, biz Sizi də təbrik edirik. Siz parlamentin rəhbərliyində qadın hissəsinin adını çox ləyaqətlə doğruldursunuz. Eyni zamanda, bütün qadın deputatlara da təbrikimi yetirmək istəyirəm. Milli Məclis Aparatında işləyən qadınların, bizim fəaliyyətimizi mətbuatda işıqlandıran qadın və qızların da bayramı mübarək! Qadınlarımızla fəxr etdiyimizi, bütün fəaliyyətimizi ilk növbədə onların həyatının daha yaxşı olması üçün qurduğumuzu da vurğulamaq istəyirəm.
Baxmayaraq ki, illik hesabatdır, əslində, biz Elmira xanım Süleymanovanın indiyədək gördüyü işə qiymət veririk, çünki bu il ölkənin ilk Ombudsmanının fəaliyyətinin 7 ili tamam olur və Konstitusiyaya görə o, ancaq bir dəfə seçilə bilər. Bu baxımdan biz tək bir ilə deyil, eyni zamanda, Elmira xanımın 7 ilinə də qiymət vermiş oluruq. Təəssüf ki, “Ombudsman fəaliyyəti haqqında” Qanun qəbul edilərkən verdiyim təklif nəzərə alınmadı. Mən təklif etmişdim ki, Ombudsman fəaliyyəti 5 ildən ibarət olsun və onun ikinci dəfə seçilmək hüququ qalsın. Çox gözəl olardı ki, Elmira xanım yenidən Ombudsman olaydı. Elmira xanım fəaliyyət göstərdiyi 7 il ərzində, həqiqətən, Azərbaycanda nüfuzlu və güclü Ombudsman institutunun formalaşmasında böyük rol oynamışdır. Bu dövrdə həm xarici ölkələrin təcrübəsi, həm də Azərbaycan reallıqları, respublikanın demokratik inkişafının nəticələri nəzərə alınmışdır. Elmira xanım bu gün edilən şikayətlərə reaksiya verən, onların həllində yaxından iştirak edə bilən bir sistem yarada bilmişdir. Bu baxımdan mən bir deputat, bir vətəndaş kimi hörmətli Elmira xanıma öz təşəkkürümü bildirirəm.
Qeyd edim ki, Elmira xanımdan sonra gələn Ombudsman üçün bu iş həm asan, həm də çətin olacaq. Çətin olacaq ona görə ki, Elmira xanımın yaratdığı iş sistemini tənzimləmək böyük qüvvə və cəsarət tələb edir. Digər tərəfdən asan olacaq, çünki artıq bir çox məsələlərdə bünövrələr qoyulmuşdu və artıq bundan sonrakı fəaliyyətlə bağlı işlər görmək lazımdır.
Mən Ombudsmanın fəaliyyətinə müsbət qiymət verirəm. Hesab edirəm ki, bu təsisat Konstitusiya və Ombudsman haqqında Konstitusiya qanunu ilə bağlı üzərinə düşən vəzifəni yerinə yetirə bilmişdir. Bununla bağlı bir neçə təklifim vardır. Həmin təklifləri Elmira xanımın nəzərə almasını və özündən sonra gələn şəxsə də bunları təqdim etməsini çox istərdim.
Birinci təklifim bundan ibarətdir ki, bizə verilən məruzənin bütün cəmiyyətə yayılmasının tərəfdarıyam. Buna görə də bu məruzə dövlət qəzetlərində çap edilməli, nüfuzlu və çox oxunan internet saytlarında yerləşdirilməlidir. Azərbaycan televiziyası və ictimai televiziyada bununla bağlı uzunmüddətli bir veriliş təşkil edilməlidir ki, daha çox insan illik hesabatla tanış ola bilsin.
İkinci, biz Ombudsman aparatının yaxşı işlədiyini desək də, onun əməkdaşlarını tanımırıq. Hesab edirəm ki, Ombudsman ona kömək edən insanların da cəmiyyətdə tanınmasına və onların fəaliyyətlərinin cəmiyyət tərəfindən qiymətləndirilməsinə müvafiq şərait yaratmalıdır.
Üçüncü, Ombudsmanın hesabatında və fəaliyyətində ümumən insan hüquqlarının qorunması ilə bağlı ümumi iş görünür. Mənə elə gəlir ki, ayrı-ayrı sahələrdə görülən işlərlə bağlı fəaliyyətin qabardılmasına da çox böyük ehtiyac vardır. Uşaqların hüquqlarının qorunması ilə bağlı xüsusi bir kampaniyanın aparılması və geniş şəkildə Ombudsman institutunun bu sahədə hansı işləri görməsi bəlli olmalıdır. Evdar qadınların, Azərbaycanda olan immiqrantların və yaxud vətəndaşlığı olmayan insanların hüquqlarının qorunması, yəni bunların hər biri ilə bağlı ümumi hesabatın içərisində ətraflı məlumat verilməlidir.
Dördüncü, ayrı-ayrı regionlarda Ombudsmanın nümayəndəlikləri açılıb, ancaq onların fəaliyyətləri görünmür. Şübhəsiz ki, o fəaliyyət nəticəsində ümumilikdə Ombudsman Azərbaycan cəmiyyəti, parlamenti qarşısında geniş və hərtərəfli hesabat verə bilər. Biz ayrı-ayrı regionlardakı həmin o nümayəndəliklərin ümumən nə iş gördüklərinin, onların yerli əhali ilə hansı əlaqələr qurduqlarının da nəzərə alınmasını istərdik. Ombudsmanın il ərzində fəaliyyətini müsbət qiymətləndirirəm.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O. Əsədov sədrlik edir

Sədrlik edən. Çox sağ olun. Gövhər Baxşəliyeva.
G. Baxşəliyeva. Sağ olun, hörmətli Oqtay müəllim. Mən də fürsətdən istifadə edərək qadınlar bayramı ilə əlaqədar deputat qadınları təbrik edən hər bir şəxsə qadınlar adından öz təşəkkürümü bildirmək istərdim.
Bu gün məruzəsini dinlədiyimiz hörmətli Ombudsmanın – Elmira xanımın keçən 7 ildəki fəaliyyətini ən yüksək səviyyədə qiymətləndirirəm. Bu müddət ərzində Elmira xanım nə mümkündürsə, onu edib, təsisatın əsasını qoyub, bütün aparatı yaradıb və Azərbaycanda Ombudsman təsisatına böyük nüfuz qazandırıb və gələcəkdə bu vəzifəyə gələnin fəaliyyəti üçün çox mühüm bir zəmin hazırlayıbdır. Elmira xanımın təqdim etdiyi məruzədə 2008-ci il üçün onun gördüyü bütün işlər öz əksini ətraflı tapıbdır. Burada insan hüquqlarına, bütün sahələrə dair məlumat verilib, siyasi, sərbəst hərəkət etmək, təhlükəsiz yaşamaq, insanların şərəf və ləyaqətinin müdafiəsi, fikir və söz azadlığı, vicdan azadlığı və sair hüquqların hamısı kifayət qədər öz əksini tapıbdır.
Biz hamımız şahidi olmuşuq ki, həm 2008-ci ildə, həm də ötən 7 ildə Elmira xanım nə qədər böyük işlər görübdür. O, əhali arasında böyük maarifləndirmə işi aparmış, həm Bakı, həm də digər şəhər və rayonlarda, təmsilçisi olduğum Bərdədə dinləmələr təşkil etmişdir. Bu dinləmələrdə insan hüquqlarına dair müxtəlif problemlər qaldırılaraq insanlar arasında geniş maarifləndirmə işləri aparılmışdır.
Əhalinin iqtisadi və sosial hüquqlarının müdafiəsi üçün Ombudsman çox böyük işlər görüb. Əmək, sosial təminat, ətraf mühitdə sağlam yaşamaq, sağlamlığı qorumaq, təhsil, mənzil, mülkiyyət hüquqları, istehsalatda, yaxud aqrar sahədə çalışan insanların hüquqlarının müdafiəsi istiqamətində Elmira xanım əhali tərəfindən böyük hörmət qazanmışdır. Elmira xanım bu müddət ərzində şikayətçi düşənlərin hamısını qəbul etmişdir və onların problemlərinin həllinə çalışmışdır. Onların bir çox problemləri məhz Müvəkkilin fəaliyyəti sayəsində həll olunmuşdur.
Digər məsələlərlə bağlı da Elmira xanım daim əlaqədar təşkilatlar qarşısında müvafiq məsələlər qaldırmışdır. Əhalinin ən müxtəlif qruplarının hüquqlarının müdafiəsi sahəsində Elmira xanım böyük işlər görmüşdür. O, daim qaçqınlar və məcburi köçkünlərin, məhbusların, hərbi qulluqçuların hüquqlarının müdafiəsində durmuş, orduda olan bəzi mənfi halları aşkar etmişdir. Onların həllinə nail olmaq istiqamətində Elmira xanım bir çox işlər həyata keçirmişdir. Bu illər ərzində orduya dəfələrlə səfərlər etmiş və bizim əsgərlərin şəraitləri ilə yaxından tanış olmuşdur.
O, qadın hüquqlarının müdafiəsi sahəsində də böyük işlər görmüşdür. Uşaqların, əlillərin hüquqlarının müdafiəsi, ahılların vəziyyəti ilə daim maraqlanmış, bu sahədə böyük işlər görmüşdür. Elmira xanım bu hüquqların müdafiəsi sahəsində həmişə ikili iş aparmışdır. Həm yerlərdə insanların hüquqlarını müdafiə etmiş, həm problemlərini aradan qaldırmış, həm də mövcud hüquqlar istiqamətində əhali arasında maarifləndirmə, elmi-analitik işlər aparmışdır.
Sədrlik edən. Çox sağ olun, Gövhər xanım. Siyavuş Novruzov.
S. Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Hesabat deputatlara paylanılıb və hamı onunla yaxından tanış olub, indi də biz ona diqqətlə qulaq asdıq. Burada Ombudsmanın fəaliyyəti, gördüyü işlərlə bağlı ətraflı şəkildə məlumat verildi. Hansı sahələrdə görüşlər keçirilib, hansı sahələrdə pozulmuş hüquqların müdafiəsi ilə bağlı işlər aparılıb, bunlar hamısı məlumdur. Mən hesabatı çox yüksək qiymətləndirir, bütün həmkarlarımdan ona dəstək verməyi xahiş edirəm. Elmira xanım bütün fəaliyyətini insan hüquq və azadlıqlarının qorunmasına yönəldibdir, uğurlu işlər görübdür və bundan sonra da arzu edərdik ki, bu işini uğurla davam etdirsin.
Mən başqa detallarla bağlı fikrimi söyləmək istəyirəm. İnsan hüquq və azadlıqları çox geniş bir sahədir. Bu geniş sahədən də müxtəlif tərəfdən ayrı-ayrı formada Azərbaycan cəmiyyətinə yönəldilmə gedir. İstər üzvü olduğumuz qurumlar, istərsə də həmkar olduğumuz dövlətlər bizim haqqımızda məlumatların əsas bazasını, ilk növbədə Ombudsmanın hesabatından götürməli, bunun əsasında digər tərəflərdən çatdırılanları da ümumi bir fikirlə formalaşdırıb ortaya qoymalıdır. Təəssüf ki, bu gün bəzi qurumlar, bəzi ölkələrin orqanları ayrı-ayrı şəxslərin, ayrı-ayrı hüquq mühafizə təşkilatlarının, ayrı-ayrı insanların fikirləri əsasında qeyri-obyektiv məlumatlar hazırlamaqla, Azərbaycan haqqında dünya ictimaiyyətinə, başqa-başqa orqanlara səhv məlumatlar çatdırırlar.
Mən elementar bir məsələni nəzərinizə çatdırmaq istəyirəm. Azərbaycanda, ümumiyyətlə, siyasi məhbus yoxdur və olmayıb. Kimin hansısa partiyanın üzvü olması onun törətdiyi bu və ya digər cinayətə siyasi status vermir. Bu baxımdan da Azərbaycan Avropa Şurasına daxil olandan sonra ortaya qoyulan siyahıda adları olanların əksəriyyəti bu və ya digər şəkildə vətənə xəyanətə, dövlətin, dövlətçiliyin əleyhinə apardığı işlərə, Azərbaycanda terrorizmi həyata keçirdiyinə, Bakıda metronu partlatdığına görə məhkum edilmişdilər. Uzun müddət gedən müzakirələrdən sonra bu məsələyə son qoyuldu və növbəti mərhələ başlandı. İndi yenidən Azərbaycanda nə baş verib ki, Avropa Şurası tərəfindən Azərbaycanda insan hüquqlarının qorunması və siyasi məhbuslarla bağlı işlər üzrə yeni bir şəxsin təyin olunmaq arzusu və istəyi bulunur? Halbuki Ermənistanda sırf siyasi motivlər əsasında, sırf prezident seçkilərinə öz etirazlarını göstərdiklərinə görə kütləvi qırğın baş verdi, 8 nəfərdən artıq adam öldü, 40 nəfərdən artıq həbs olundu. Avropa Şurasında müzakirəyə çıxarılan məsələlərdə insanlar bu hadisənin üstündən elə keçdilər, susdular ki, sanki belə bir hadisə baş verməyib.
Mən başqa faktları da misal göstərə bilərəm, bu, Ombudsmanın hesabatında da öz əksini tapıbdır. Mütəmadi olaraq həbsxanalarda görüşlər keçirilir, insanların vəziyyətinin yaxşılaşdırılması ilə bağlı işlər aparılır. Azərbaycanda, başqa sahələrdə olduğu kimi, müasir dünya, Avropa standartlarına uyğun şəkildə yeni həbsxanalar tikilir. Bu gün verilən hesabat və çıxışlarda bunların heç biri qeyd olunmadı.
Başqa bir sahəyə də toxunmaq istəyirəm. Dünyanın bütün ölkələrində sui-qəsdlər olur. Tutaq ki, Ukraynada jurnalistə sui-qəsd edənin kimliyi hələ də məlum deyildir. Gürcüstanda “Rustavi-2”nin əsas jurnalisti güllələndi. Onun da heç bir hesabatda adı yoxdur. Azərbaycanda da belə hadisələr baş veribdir. Azərbaycan hökuməti həddən artıq bu məsələyə diqqət göstəribdir və bütün hüquq mühafizə orqanları indi də bu istintaqları aparmaqla məşğuldurlar, ancaq tapılmır. 1967-ci ildə Martin Lüter Kinqi Amerikada öldürdülər, indiyə qədər qatilini tapa bilməyiblər. Yaxud Kennedini günün günorta çağı yolun ortasında vurub öldürdülər, üstündən 20–30 ildən artıq vaxt kecib, ancaq hələ də bunu aşkar edə bilmirlər. Hər dəfə hesabatda göstərilir ki, Azərbaycan hökuməti tərəfindən bu məsələlər öz həllini tapmayıbdır. Azərbaycan hökuməti bunu istəyir və bu araşdırmaları aparır.
Sədrlik edən. Sən istəyirdin 5 dəqiqə danışasan. Reqlamenti 5 dəqiqə ediblər. Baxın, əgər həmkarlarından sənə söz verən olsa, danışarsan.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yaxşı, Fəzail müəllim vaxtını verir, davam eləyin.
S. Novruzov. Təşəkkür edirəm, Fəzail müəllimə də minnətdarlığımı bildirirəm. Yəni elə şeylər var ki, ona yanaşmanın özü, tərzi dəyişməlidir. Köhnə yanaşma sistemi ilə bu gün Azərbaycana baxış keçirmək olmaz. Azərbaycan hüquqi, demokratik, azad bir dövlətdir və müstəqil siyasətini həyata keçirir. Buna hər hansı qüvvə maneçilik törədəcəksə, bunun qarşısı alınacaqdır.
Mətbuat orqanları ilə bağlı fikirlərimi qeyd eləmək istəyirəm. Hər kəsin öz sahəsi var. Müəllim uşaqları öyrədir, onlara təhsil verir. Həkim insanların sağlamlığı ilə məşğul olur. Mühəndis körpü tikir, yol çəkir. Jurnalist isə yazı yazır. Bunun insan olaraq o birindən fərqi yoxdur. Yəni onların törətdiyi ilə bunun cinayəti eynidir. Burada qanun qarşısında hər bir şəxsin bərabər olmasından söhbət gedir. Rüşvət aldığı yerdə kamera vasitəsilə çəkilmiş süjeti bütün dünyaya göstərirlər ki, baxın, bu şəxs gəlib şantaj eləmək yolu ilə rüşvət alır. Pulu əlində saydığı yerdə kamera onu çəkir və sair. Deyirlər, yox, bu, jurnalistdir, onu tutmaq, içəri göndərmək olmaz. Buna görə həbs olunur da. Alır, insanların gözü qarşısında bunu təsdiq edirlər. Ya zəlzələdən olub, ya da vəlvələdən olub, alıbdır. Almayaydı, fakt var, o da artıq cinayət məsuliyyəti yaradır.
Digərlərini deyək. Onlar da hər hansı, bu və ya digər cinayəti törədiblərsə, onu jurnalist fəaliyyəti ilə bağlamaq olmaz. Bu yöndə hər hansı bir göstəriş olmamalıdır. Buşa ayaqqabı atan jurnalistə 14 il iş verdilər, getdi, indi yatır. Amerika hökuməti deyəydi ki, jurnalistdir də, niyə 14 il iş verirsiniz, hələ qol-qabırğasını da sındırırsınız? Yazanda, bir məlumatı verəndə, bu məsələlər, bu detallar nəzərə alınmalı, Ombudsmanın hesabatına əsaslanmalıdır. Qərar Ombudsmanın hesabatından başlamalıdır.
Azərbaycan hüquq müdafiə təşkilatları arasında yaxşı işləyənləri də, amma ümumiyyətlə, korrupsiya ilə məşğul olanları da var. Get, hansı orqana istəyirsən pulunu ver, kimliyindən asılı olmayaraq, toyuq oğrusunun adını da siyasi məhbus siyahısına salsın, göndərsin. Korrupsiya ilə bağlı məsuliyyətə cəlb olunan insanlar var. Korrupsionerləri danmaq olmaz, bütün cəmiyyət korrupsiyaya qarşı mübarizə aparır. Həmin insanlar həbs olunanda hüquq mühafizə təşkilatları onların müdafiəsinə qalxmaqdan ötrü saçyolduya çıxmışdılar. O deyirdi, mən müdafiə edəcəyəm, bu deyirdi, mən müdafiə edəcəyəm. Niyə bir kasıbın, müəllimin, kimsəsizin hüquqlarını müdafiə etməkdən ötrü bu cür qırğın-qiyamətə çıxmırlar? Bu baxımdan da hesab edirəm ki, onların Azərbaycandan yazıb göndərdikləri heç bir məsələnin əsası yoxdur. Onlar ya erməni mənşəlidir, ya da bu və ya digər şəkildə ayrı-ayrı xarici dövlət qurumlarının bizdə təxribat törətmək üçün yetişdirdikləri insanlardır. Onlar ayrı-ayrı dini cərəyanlara xidmət edən, Azərbaycanın dövlət strukturlarına, dövlətçiliyimizə qarşı çıxanlardır və sair. Başqa adamların adı bu məsələlərdə hallanmır.
Hesab edirəm ki, hər bir sahədə insan hüquqlarının qorunması ilə ciddi şəkildə məşğul olmalıyıq. Azərbaycan Respublikasının Konstitusiyasına referendum yolu ilə olunan əlavə və dəyişikliklərin böyük hissəsi də insan hüquq və azadlıqlarının müdafiəsinə həsr olunubdur. Uşaqların dövlətin, dövlətçiliyin müdafiəsinə, qorunmasına həsr olunmuş müddəalardan çıxış edərək Azərbaycan bir daha insan hüquqlarına sadiqliyini bildirir. Qoşulduğumuz beynəlxalq qanunvericilik aktlarına hörmətini ifadə edən Azərbaycan vətəndaşlarının kimliyindən asılı olmayaraq, hüquqlarının daim dövlət tərəfindən bərabər şəkildə, eyni səviyyədə qorunmasına öz töhfəsini verir. Bir daha deputat həmkarlarımı bu hesabata səs verməyə çağırır və mənə imkan yaratdığına görə, Oqtay müəllimə, Fəzail müəllimə öz təşəkkürümü bildirirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Mübariz Qurbanlı.
M. Qurbanlı. Təşəkkür edirəm, cənab Sədr. Biz hörmətli Elmira xanım Süleymanovanın hesabatını dinlədik. Həm də hesabat yazılı şəkildə bizə təqdim olunubdur. Bu məruzədə insan hüquq və azadlıqlarının qorunması istiqamətində Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin ötən il ərzində gördüyü işlər yığcam, konkret və peşəkar şəkildə öz əksini tapıbdır. Azərbaycanda insan hüquq və azadlıqlarının təminatçısı Azərbaycan Konstitusiyasıdır, Azərbaycan Respublikasının Prezidentidir. İnsan hüquqlarının qorunması istiqamətində ölkəmizin müstəqilliyinin əldə edilməsindən sonra, xüsusilə ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda rəhbər olduğu dövrlərdə çox ciddi və əhəmiyyətli işlər görülüb və təsadüfi deyildir ki, İnsan hüquqları üzrə müvəkkil məhz onun dövründə təsis olunub və 7 ildir ki, çox səmərəli şəkildə fəaliyyət göstərir.
İnsan hüquqları universal xarakter daşıyır və bununla bağlı beynəlxalq miqyasda qəbul edilmiş sənədlərdə öz əksini tapmış bütün müddəalar, demək olar ki, Azərbaycan Respublikasının Konstitusiyasında, həmçinin bizim qəbul etdiyimiz qanunlarda artıq tətbiq olunubdur. Qeyd etmək istərdim ki, insan hüquqları sahəsində əldə etdiyimiz nailiyyətlərin, uğurların göstəricilərindən biri məhz İnsan hüquqları üzrə müvəkkilin illik hesabatı və bu hesabatda irəli sürülən müddəalardır. Əgər biz ötən illər ərzində təqdim olunmuş hesabatları təhlil etsək, buna müqayisəli şəkildə yanaşsaq, İnsan hüquqları üzrə müvəkkilliyə daxil olan şikayətlərin xarakterinin dəyişdiyini və ümumilikdə onların getdikcə azaldığını görə bilərik.
Şikayətlərin azalmasının və xarakterinin dəyişməsinin səbəbi nədir? Birincisi, Azərbaycanda sosial-iqtisadi sahədə əldə edilmiş uğurlardır. Son illərdə cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət sahəsində Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının həyata keçirilməsi, insanların həyat səviyyəsinin yaxşılaşması, eyni zamanda, vətəndaşların insan hüquqları ilə bağlı maarifləndirilməsi işinin yüksək səviyyədə təşkili, kütləvi informasiya vasitələrində bu istiqamətdə yazıların artması, həmçinin İnsan hüquqları üzrə müvəkkilliyin keçirdiyi tədbirlər və sair insanların şikayətvermə məsələsində konkretliyə yönələn addımlar atdıqlarını göstərir.
Şikayətlərin azalmasının bir səbəbi də dövlət idarəçiliyində həyata keçirilən tədbirlərlə bağlıdır. Yəni millət vəkilləri olaraq bizim yerlərdə keçirdiyimiz görüşlər, xüsusilə millət vəkillərinə köməkçilərin təyin edilməsi, yerlərdə insanların şikayət üçün birbaşa müvəkkilliyə müraciət etməsinə gətirib çıxarmır. Əgər yerlərdə insanlar dinlənilirsə, onların şikayətlərinə baxılırsa, məhkəmələrdə iddialar ədalətli həll edilirsə, müvəkkilliyə də şikayətlərin sayı aşağı düşür. Bu azalma tendensiyasını biz müşahidə etməkdəyik və getdikcə bunlar müsbət nəticələrini daha qabarıq şəkildə göstərəcək.
İnsan hüquqları üzrə müvəkkilin bugünkü hesabatında çox məsələlərə toxunulubdur. Eyni zamanda, məsələlərin təsnifatı verilməklə ayrı-ayrı idarə və müəssisələr, nazirliklər üzrə rəqəmlər də burada öz əksini tapıbdır. Bu da olduqca əhəmiyyətlidir, çünki bu, rəsmi sənəddir, yayılır və bunun oxunması, təşviqi zamanı ayrı-ayrı nazirliklər, idarələr, müəssisələr, vəzifəli şəxslər buradakı rəqəmlərə uyğun şəkildə hərəkət edir və gələcəkdə hesabata düşməmək üçün lazımi tədbirlər görürlər.
Azərbaycanda insan hüquq və azadlıqlarının genişləndirilməsi ilə bağlı son illər ciddi tədbirlər görülübdür. Prezidentin verdiyi fərmanların, o cümlədən 18 martda keçiriləcək referenduma çıxarılacaq məsələlərin də bir qismi insan hüquq və azadlıqlarının müdafiəsinə yönələn tədbirlərdir.
Hesabatda Elmira xanım bir təklif verdi ki, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa dəyişikliklər edilməlidir. Lakin buna Məclis tərəfindən baxılmayıb. Mən qeyd edim ki, Məclisdə dəfələrlə buna baxmışıq, məsələ bizim komissiyada da müzakirə olunub və Konstitusiya qanununa müəyyən əlavələr və dəyişikliklər nəzərdə tutulubdur, ancaq bunun üçün müəyyən vaxt lazımdır. Hesab edirəm ki, bu təkliflərə də baxılacaq. Mən orta məktəblərdə insan hüquqlarının tədrisi ilə bağlı təklifi də bəyənirəm.
Sədrlik edən. Çox sağ olun, Mübariz müəllim. Musa Quliyev.
M. Quliyev. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Ombudsman təsisatının yaranması, 7 il ərzində çox böyük inkişaf yolu keçməsi Azərbaycanda demokratiyanın ifadəsidir. Azərbaycan hüquqi dövlət kimi inkişaf edir. Azərbaycanda vətəndaşlarla dövlətin qarşılıqlı münasibətləri düzgün tənzimlənmə yolundadır.
Mənim yadımdadır ki, 2000-ci illərin əvvəllərində Milli Məclisdə Ombudsman haqqında Konstitusiya Qanunu qəbul olunarkən Azərbaycan əhalisinin böyük əksəriyyətinin bu qurum haqqında anlayışı yox idi. Hətta millət vəkillərinin çoxu “Ombudsman” sözünün tələffüzündə çətinlik çəkirdilər. 7 il əvvəl yaranan bu struktur çox böyük inkişaf yolu keçdi, formalaşdı. Bu gün Azərbaycanın ən ucqar kəndində də soruşsan ki, “Ombudsman kimdir, onun fəaliyyəti nədir?” sualına çox doğru cavab verərlər.
Azərbaycanın ilk Ombudsmanı hörmətli Elmira xanım Süleymanovanın şəxsi fəaliyyəti və fədakarlığı xüsusi qeyd olunmalıdır. Məndən öncəki natiqlərin dediyi kimi, insan hüquq və azadlıqlarının qorunması Azərbaycan Respublikasının Konstitusiyasında təşviq olunmuşdur və bunun təminatçısı Azərbaycan Respublikasının Prezidentidir. Azərbaycanın digər strukturları – məhkəmələri, müvafiq icra hakimiyyəti orqanları, Milli Məclisi, o cümlədən də Azərbaycanın Ombudsmanı da bu sahədə öz fəaliyyətini uğurla davam etdirir.
Biz Ombudsmanın hesabatını dəfələrlə dinləmişik. Bugünkü hesabat da bir daha göstərir ki, Ombudsmana müraciətlərin həm sayının, həm də xarakterinin dəyişməsi qurumun olduqca uğurlu fəaliyyətini bir daha təsdiq edir. 2008-ci ildə Ombudsmana 8600 müraciət daxil olmuşdur, bu, təxminən ayda 700-dən çoxdur. Bu o deməkdir ki, artıq Ombudsman institutuna Azərbaycan Respublikası vətəndaşlarının böyük inamı vardır. Ombudsman institutunun Azərbaycanda yaranması və formalaşması işi artıq baş tutmuşdur.
Müraciətlərin yarıdan çoxundan – təxminən 51,2 faizindən imtina edilməsi isə başqa bir narahatedici məqamla bağlıdır. Ola bilsin ki, Azərbaycanda Ombudsmanın fəaliyyəti, səlahiyyətləri ilə bağlı insanların hələ o qədər də dərin bilgisi yoxdur və bu sahədə də heç şübhəsiz ki, maarifləndirmə işinin yaxşılaşdırılmasına ehtiyac vardır. 7 il ərzində Ombudsmana edilən şikayətlərin 35,7 faizinin təmin olunması bir tərəfdən yaxşı göstəricidir. Digər tərəfdən öz fəaliyyəti ərzində hüquqları pozulmuş Azərbaycan vətəndaşları tərəfindən ona edilən müraciətlərin 35 faizini müsbət həll edibsə, bu, əlbəttə, sevindirici hadisədir. Bu fakt onu təsdiq edir ki, Ombudsmanın fəaliyyəti yaxşı qurulmuşdur. 2009-cu ildə isə müraciətlərin 43,3 faizi öz həllini tapmışdır.
Ombudsmanın hesabatında görülən işlərdən çox geniş, ətraflı bəhs olunmuşdur. Müxtəlif sahələrdə, insan hüquqlarının və azadlıqlarının qorunması sahəsində Azərbaycan Respublikası Ombudsmanının fəaliyyəti qənaətbəxş sayılmalıdır. Mən xüsusən onu da qeyd etmək istəyirəm ki, Azərbaycandan kənarda yaşayan soydaşlarımızın hüquqları ilə bağlı mühüm işlər görülür. Məsələn, Rusiyadakı Ombudsmanla yaradılan qarşılıqlı işgüzar əlaqələr oradakı vətəndaşlarımızın hüquqlarının qorunmasında əhəmiyyətli rol oynayır.
Mənim təmsil olunduğum Gəncə şəhərində də Ombudsmanın regional mərkəzi fəaliyyət göstərir. Qurumun filialı kifayət qədər uğurla fəaliyyət göstərir. Orada yaşayan insanlar artıq öz hüquq və azadlıqları barədə kifayət qədər məlumatlar ala bilirlər. Müraciət edənlərin şikayətlərinin həll olunması üçün artıq Bakıya gəlmələrinə ehtiyac qalmır, çünki regional mərkəz öz fəaliyyətini hərtərəfli yaxşı qurubdur.
Elmira xanıma, eyni zamanda, gələcək Ombudsmana belə bir arzumu bildirmək istərdim ki, çox əhəmiyyətli və məsuliyyətli işləri ilə həm Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, həm də Azərbaycana qarşı törədilən haqsız ikili standartlarla mübarizə aparılmasında daha böyük uğurlar qazansınlar.
Sədrlik edən. Çox sağ olun. Rafael Cəbrayılov.
R. Cəbrayılov. Çox sağ olun. Cənab Sədr, hörmətli Məclis üzvləri! İnsan hüquqları üzrə müvəkkilin müzakirəyə təqdim olunan hesabat məruzəsində onun çoxşaxəli fəaliyyəti və bir institut olaraq bu quruma Azərbaycan xalqının rəğbət və ehtiramı əks olunubdur. Bunun nəticəsidir ki, 2008-ci ildə bura 8600, 7 illik fəaliyyət ərzində isə, ümumən, Azərbaycan xalqı tərəfindən 42 mindən artıq müraciət daxil olubdur. Bunların təxminən 93 faizi şikayətlərdən ibarətdir. Ombudsmanın məqsədyönlü fəaliyyəti nəticəsində daxil olan şikayətlərin 36 faizi müsbət həll olunubdur.
Ümumiyyətlə, Azərbaycan Konstitusiyasında təsbit olunmuş insan hüquq və azadlıqlarının daha etibarlı təminatı ilə bağlı əldə olunan nailiyyətlərə nəzər salsaq, burada Ombudsmanın məqsədyönlü fəaliyyətini xüsusi vurğulamamaq düzgün olmazdı.
Əvvəlki ötən illərin məruzələri dinlənilərkən əsassız tənqidlər hüquq mühafizə orqanları əvəzinə bəzən Ombudsmana ünvanlanıb. Nəzərə almaq lazımdır ki, Ombudsmanın öz səlahiyyətləri çərçivəsində apardığı fəaliyyət, ümumiyyətlə, Azərbaycanda insan hüquq və azadlıqlarının etibarlı təminatı üçün mühüm şərait yaratmışdır.
Bildiyimiz kimi, mart ayının 18-də Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklər referenduma çıxarılır. Bunun əsas səbəblərindən biri Azərbaycan Konstitusiyasında təsbit olunan insan hüquq və azadlıqlarının cəmiyyətdə qorunması sahəsində əldə olunan uğurlu nailiyyətlərdir. Həmin nailiyyətlərdə Ombudsmanın fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Mən mənzil, təhsil, mülkiyyət hüququ, aliment fondunun yaradılması, ələlxüsus sovet dönəmindən Azərbaycan vətəndaşlarının banklarda qalmış əmanətlərin qaytarılması və bu əmanətlərin indeksləşdirilməsi və digər məsələlərlə bağlı hörmətli Ombudsmanın təkliflərini vurğulamaq istəyirəm. Bunların hər biri ciddi müzakirə predmeti ola bilər. Mən çıxışımın sonunda hörmətli həmkarlarımdan xahiş edirəm ki, bu məruzənin qənaətbəxş qiymətlə qəbul olunmasına səs versinlər. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Bahar Muradova.
B. Muradova. Çox təşəkkür edirəm, Oqtay müəllim. Bəlkə də həmkarlarımızın bir çoxu da təsdiq edər ki, burada verilən hesabatların heç biri, eləcə də Ombudsmanın özünün verdiyi əvvəlki hesabatları da nəzərə alsaq, müzakirə zamanı bugünkü kimi müsbət qarşılanmamışdı. Mən belə bir prosesi görməmişəm. Bütün çıxış edənlər bu qurum, onun fəaliyyəti, Azərbaycanın ilk Ombudsmanı adlanan və bu adı daim öz üzərində daşıyacaq bir şəxs haqqında yalnız müsbət fikirlər söyləyirlər. Mən də həmkarlarıma qoşularaq həm Ombudsman təsisatının ümumi fəaliyyəti haqqında, həm də konkret olaraq Elmira xanımın işi barədə öz müsbət fikirlərimi söyləmək istəyirəm.
Əlbəttə, çox vaxt yeni yaradılacaq bir qurum və onun sayəsində meydana gələn ənənələrə inamdan daha çox inamsızlıq mövcud olur. Musa müəllim çox yaxşı qeyd etdi ki, 7 il bundan əvvəl bir çoxları belə düşünürdülər ki, seçilmə müddəti çox uzundur və bu institut Azərbaycanda özünə yer tuta bilməyəcək. İnstitutun fəaliyyətə başladığı ilk anlarda tamamilə başqa qurumlara göndərilməli olan müraciətlər, iradlar, tənqidlər məhz buna ünvanlanırdı. Söyləmək lazımdır ki, qısa müddət ərzində bütün bu stereotiplər qırıldı.
Əksər insanlar bu gün artıq Ombudsman institutunun çox vacib bir qurum olduğunu və Azərbaycanda özünə böyük nüfuz qazandırdığını aydın şəkildə görürlər. İnsan hüquqları üzrə müvəkkil digər ölkələrdə fəaliyyət göstərən uyğun qurumlar, institutlar içərisində özünəməxsus vacib bir mərtəbəyə yüksələ bildiyini sübuta yetirmişdir. Biz dəfələrlə şahidi olmuşuq ki, digər ölkələrin ombudsmanlarının iştirakı ilə keçirilən tədbirlərdə, bu və ya digər məsələlər ətrafında açılan müzakirələrdə Azərbaycanın təcrübəsini bəyənir, onu öyrənmək istəyirlər. Bütün bunların hər biri, əlbəttə, qürur doğuran faktdır.
Mən bütün bu işlərin görülməsində təkcə Elmira xanımın yox, bütövlükdə Azərbaycan xalqının, respublikanın ictimai-siyasi həyatında olan insanların, millət vəkillərinin, bizim ictimai-siyasi prosesdə fəal iştirak edən hər bir kəsin, eləcə də seçicilərin rolunu xüsusi qeyd etmək istəyirəm. İndi hər kəs bu institutun nədən ibarət olduğunu doğru-düzgün anlaya bilir və lazım gələn addımları atmaqda çətinlik çəkmir. Azərbaycan vətəndaşları tərəfindən Ombudsman institutuna ümumilikdə 42 min şikayətin, – bunların bir qismi başqa qurumlara ünvanlana biləcəyi halda, – daxil olması da insanların bu quruma inamının göstəricisidir. Eləcə də, əsas bir məsələ, hər bir kəsin, hər bir fərdin, hər bir Azərbaycan vətəndaşının öz hüquq və azadlıqları uğrunda mübarizəyə hazır olmasını təsdiq edir. Bu, həm də onu göstərir ki, Azərbaycanda insanların beynində, şüurunda hüquq təfəkkürü özünəməxsus yer tutmağa başlayıbdır. Çox zaman bizim vətəndaşlarımızın öz hüquqlarının nədən ibarət olduğunu bilməmələri ittihamların aradan çıxmasına gətirib çıxarırdı.
Mən bu mühitin formalaşmasında Ombudsman institutunun böyük rolunu, konkret olaraq Elmira xanımın şəxsi nümunəsini xüsusi qeyd etmək istəyirəm. Bu insanda o qədər böyük enerji, o qədər böyük potensial var ki, mənəm-mənəm deyən hər bir kəs onunla yarışa girsə, deyərdim ki, Elmira xanıma uduza bilər. Mən bunu açıq şəkildə söyləyir və fəxr edirəm ki, Azərbaycanda ombudsman institutuna ilk olaraq qadın rəhbərlik edibdir. Azərbaycan qadını bu sahədə öz fəaliyyətini, qabiliyyətini, potensialını ortaya qoyaraq nəyə qadir olduğunu göstərə bilibdir. Ümumilikdə bu qadın öz xarakteri etibarilə humanistdir, insan hüquq və azadlıqlarının pozulmasına yol vermir, haqqın, ədalətin bərpa olunmasını istəyir. Bütün bu keyfiyyətlərin üzərinə qanunla müəyyən edilmiş səlahiyyət gələndə cəhdlər daha yaxşı effekt verir. Biz Elmira xanımın fəaliyyətinin timsalında bunu gördük. Mən bu gün Azərbaycanın siyasət aləmində olan qadınların, millət vəkillərinin hər birinin adından, – hesab edirəm ki, hər bir xanım bunun altından qol qoya bilər, – Elmira xanıma öz təşəkkürümü bildirmək istəyirəm.
Azərbaycan qadınının insan hüquqları sahəsində nəyə qadir olduğunu hüquq müdafiə təşkilatlarında fəaliyyət göstərən bizim digər qadın nümayəndələrimiz də dönə-dönə təsdiq edirlər. Daha ədalətli, daha qərəzsiz, qarşı tərəfdəkinin hüququnu pozmadan, haqqını tapdalamadan açıq və birtərəfli şəkildə ortaya qoymaqda hər birimizə nümunə olan Elmira xanıma bir daha təşəkkür edirəm.
Elmira xanım, mən bu gün bayramınızı xüsusi olaraq təbrik etmək istəyir və arzu edirəm ki, Siz bundan sonra da o enerjinizi, potensialınızı Azərbaycanın ictimai-siyasi həyatının digər sahələrində həyata keçirmək imkanı əldə edəsiniz. Buna Sizin həm qabiliyyətiniz, həm də bacarığınız kifayət edir. Tanrıdan, inanıram ki, Sizə uzun ömür veriləcək ki, bu arzularınızı həyata keçirəsiniz. Hesab edirəm ki, hesabatı qəbul etmək üçün elə bir maneə yoxdur.
Sədrlik edən. Sağ olun, Bahar xanım. Gülhüseyn müəllim çıxış etmək istəyir. Buyurun.
G. Əhmədov. Təşəkkür edirəm, cənab Sədr. İnsan hüquqları üzrə müvəkkil hörmətli Elmira xanımın məruzəsindən aydın görünür ki, bu qurum 7 ildə ölkəmizdə insan haqları ilə bağlı bir çox problemləri araşdırmış, pozulmuş insan hüquqlarının bərpası və müdafiəsi istiqamətində böyük işlər həyata keçirmişdir. Son 5 ildə ölkəmizdə iqtisadiyyatın sürətli inkişafı, insanların həyat səviyyəsinin durmadan yüksəlməsi, sosial vəziyyətin yaxşılaşması, eyni zamanda, biznes mühitinin təkmilləşdirilməsi sahəsində görülən işləri beynəlxalq maliyyə qurumları xüsusilə qeyd edirlər. Belə bir şəraitdə, əlbəttə ki, insan hüquq və azadlıqlarının təmin edilməsi böyük imkanlara yol açır.
Hesabatdan göründüyü kimi, vətəndaşların seçki, siyasi hüquqlarının müdafiəsinə dair görülən işlərin təhlili də verilmişdir. Müvəkkilin ciddi səyləri nəticəsində seçkiqabağı hazırlıq işlərinə də xüsusi diqqət yetirilmişdir. Aparılan işlər vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsinə kömək göstərmişdir. Keçirilən seminar müşavirələrdə vətəndaşların seçki hüququnu, referendumda səsvermə qaydalarını, müşahidəçilərin hüquq və vəzifələrini dərk etmələrində, maariflənmələrində öz bəhrəsini vermiş, seçkilərin demokratik keçirilməsinə zəmin yaratmışdır.
İnsan hüquqlarının müdafiəsi və qorunması sahəsində Müvəkkilin hüquq mühafizə orqanları ilə əməkdaşlığı məqsədyönlü aparılmışdır. Ardıcıl tədbirlərin həyata keçirilməsi nəticəsində istintaqın qeyri-obyektiv aparılması, cinayət işlərinə xitam verilməsi və sair qanunsuz işlərin qarşısı alınmışdı. Müvəkkilin müraciəti ilə cəzaçəkmə müəssisələrində ictimai nəzarət gücləndirilmişdir.
Məhkəmə qərarlarının icrası bir çox hallarda əsassız olaraq yubadılır. Yol verilmiş belə nöqsanların təkrar olunmaması üçün Müvəkkil lazımi tədbirləri həyata keçirmişdir. Polis orqanlarında da insan hüquqlarının pozulması barədə müvəkkilin ünvanına çoxlu şikayətlər daxil olmuşdur. Müvəkkilə daxil olmuş şikayətləri nəzarətə götürməklə vaxtlı-vaxtında qanunsuz tədbirlərin qarşısını almışdır.
Məlumdur ki, ölkəmizin paytaxtında, eləcə də regionlarda geniş abadlıq və quruculuq işləri həyata keçirilir. Lakin bu işlər həyata keçirilərkən çoxlu sayda nöqsanlara yol verilir. Bu nöqsanlar, əsasən, əmək müqaviləsinin bağlanmasında, gəlirlərin gizlədilməsində, əmək haqlarının verilməsində, qeyri-rəsmi cədvəllərin işlədilməsində özünü göstərmişdir. Bunlarla bağlı müvəkkilliyə çoxlu şikayətlər daxil olmuş və aparılan təsirli tədbirlər nəticəsində insanların pozulmuş hüquqları bərpa edilmişdir.
Hesabatdan göründüyü kimi, kommunal xidmətləri ilə əlaqədar şikayətlər də az deyil. Bu məsələlərin, habelə qaçqınların və məcburi köçkünlərin, məhbusların, hərbi qulluqçuların, qadınların, uşaqların, ahılların, əlillərin və ümumiyyətlə, cəmiyyətin bütün təbəqələrinin hüquqlarının müdafiəsinin təmin edilməsi Ombudsmanın fəaliyyətinin əsas istiqamətləri olmuşdur.
İnsan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində Azərbaycan Respublikasında Milli Fəaliyyət Planı nəzərdə tutulmuşdur. Bu məqsədlə Müvəkkil tərəfindən regionlarda dövlət qurumları, onların yerli orqanları, bələdiyyələr, qeyri-hökumət təşkilatları, əhalinin müxtəlif təbəqələri cəlb edilməklə mühazirələr oxunmuş, müzakirələr təşkil edilmiş və dinləmələr aparılmışdır. Bütün regionlarda keçirilən belə tədbirlərdə, demək olar ki, bizim həmkarlarımız da fəal iştirak etmişlər. Müvəkkil öz fəaliyyəti ərzində müxtəlif mətbuat orqanlarında irihəcmli məqalələr dərc etdirmişdir ki, bunlar da maarifləndirmə işlərində çox böyük rol oynamışdır.
Azərbaycanın ilk Ombudsmanı artıq özünün 7 illik fəaliyyətinə yekun vurmağa hazırlaşır. Bu illər ərzində Elmira xanım ictimaiyyətlə daim sıx əlaqədə fəaliyyət göstərmiş, böyük həyat təcrübəsinə arxalanaraq dövlət və beynəlxalq qurumlarla, vətəndaş cəmiyyəti təsisatları və kütləvi informasiya vasitələri ilə sıx əməkdaşlıqlar qurmuşdur. Onu da qeyd etmək istərdim ki, Müvəkkil əvvəlki illərlə müqayisədə insan hüquq və azadlıqlarının təmin edilməsi, müdafiəsi və pozulmuş hüquqların bərpası istiqamətində əhəmiyyətli dərəcədə irəliləyişə nail ola bilmişdir.
Mən sonda onu da demək istəyirəm ki, Elmira xanım, həqiqətən də, çox təcrübəli, bu sahədə böyük işlər həyata keçirə bilən bir insandır. Mən hesabatı müsbət qiymətləndirir, Elmira xanıma da öz minnətdarlığımı, razılığımı bildirirəm ki, bu sahədə çox böyük işlər həyata keçirmişdir. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Yazılanlardan danışmaqda təkid edən yoxdur ki? Buyurun.
Y. Abramov. Təşəkkür edirəm, Oqtay müəllim. Mən çıxış etmək istəməzdim, təkid də etməzdim, çünki demək istədiklərimin bir çoxunu Bahar xanım dedi, mən ona minnətdarlığımı bildirirəm. Fikirlərimi, eyni zamanda, hörmətli deputatımız Siyavuş müəllim də səsləndirdi. İnsan hüquqları bizim fəaliyyətimizdə də yer aldığına görə Elmira xanımla, Ombudsman institutu ilə həmişə təmasda olmuş, sıx əməkdaşlıq etmişik. Mən də Elmira xanımın bölgələrdə keçirdiyi konfranslarda, disputlarda və digər tədbirlərdə tez-tez iştirak etmişəm, öz sözümü demişəm, təkliflərimi vermişəm.
Mən bu məruzəni əvvəldən axıra qədər oxumuşam. Məruzə sanki bu qurumun proqramıdır. Burada Elmira xanım nəinki bir ildə, həmçinin 7 ildə görülmüş bütün məsələlərə yekun vurmuş, özündən sonra gələn müvəkkillik institutuna rəhbərlik edə biləcək insanlara, təşkilata və ya rəhbərə sanki tövsiyələrini vermişdir. Doğrudan da, Elmira xanım bu vəzifəni çox bacarıqla icra etmişdir. O göstərmişdir ki, doğrudan da, Azərbaycan qadını nəinki bu qəbildən olan vəzifəyə, hətta ondan da üstün vəzifələrə layiqdir və onu yerinə yetirə bilər. Elmira xanımın bütün fəaliyyətinə təkcə bizim dövlətimizin rəhbəri deyil, mən şahidi olmuşam ki, digər ölkələrin rəhbərləri də yüksək qiymət vermiş, onu öz ölkələrinin orden və medalları ilə təltif etmişlər. Bu gün dünyanın ombudsmanları içərisində Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin də layiqli imzası var. Biz bundan, əlbəttə, qürur duymalıyıq.
Mən bu gün millət vəkillərinin diqqətini bir məsələyə cəlb etmək istəyirəm. Siyavuş müəllim bunu çox geniş açdı. Hər il, Oqtay müəllim, bizim haqqımızda ya Amerika Dövlət Departamenti, ya BMT-nin belə əlaqələndirici institutları, ya da Avropa Şurasının insan hüquqları ilə məşğul olan institutları guya hesabatlar hazırlayırlar. Onlar belə hesabatlarda bizi elə bir yerə aparıb çatdırırlar ki, hətta Afrikanın ən geridə qalmış ölkəsindən də aşağı şkalada dururuq. Çox təəssüf doğuran haldır ki, bizim siyasi əqidə opponentlərimiz, bizim əleyhdarlarımız, özlərini hüquq müdafiəçisi adlandıran bir çox insanlar bununla fəxr edirlər.
Bu yaxınlarda departamentin illik məruzəsi ilə əlaqədar olaraq “Amerikanın səsi” radiostansiyası bütün günü mənə zəng çaldı, israrla xahiş etdi ki, Rəbiyyət xanım xaricdədir, səfərdədir, onunla telefon əlaqəsi saxlaya bilmirik, bu məsələyə münasibət bildirin. Mən buna əvvəl etiraz etdim, amma sonra gördüm ki, bunlar çox israr edirlər. Sonra “Azadlıq” radiostansiyası, bizim bəzi bulvar mətbuatının nümayəndələri də məndən bu məsələyə təcili olaraq İnsan hüquqları daimi komissiyası sədrinin müavini kimi reaksiya verməyimi tələb etdilər. Mən 45 dəqiqə bu şouda iştirak etdim. Nəyin şahidi oldum? Bilirsiniz, deyirəm ki, bu insanlara ar olsun. Onlara Azərbaycanın çörəyi, suyu haram olsun. Özləri də elə pafosla, intonasiya ilə bu departamentin bizim haqqımızda olan rəyini alqışlayırlar ki, adam yerindəcə donub qalır. Mən sual verən diktora dedim ki, bilirsiniz, bu departamentin bircə cümləsi ilə razıyam ki, orada Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağı, doğrudan da, işğal edilmiş ərazi adlandırıblar. Mən bunu alqışladım. Dedim, bundan əlavə o biri fikirlərin heç birini qəbul etmirəm. Necə yəni biz bədnam qonşumuz olan Ermənistandan da ən aşağı bir vəziyyətdə qalırıq?
Bu gün Siyavuş müəllim çox misallar dedi. Axı, Siz də Amerikada olmusunuz. Bu gün Amerikada gecə toya getmək istəyən qadınlar özlərinin bütün bər-bəzək şeylərini evdə saxlayırlar. Onlar həmin toy sarayının ətrafında yaşayan qaralardan qorxurlar. Gecə bu insanlar qadınların boyunbağılarını, qulaqlarından sırğalarını dartıb aparırlar. Bu gün Amerikanı tərifləyirsiniz. Bəs dəfələrlə Avropanın demokratiyanın beşiyi hesab olunan ölkələrində jurnalistlərə, digər insanlara qarşı edilən hərəkətləri siz görmürsünüz? Heyif ki, vaxta az qalır. Mən bütövlükdə bu hesabatı, Oqtay müəllim, müsbət qarşılayır, qənaətbəxş hesab edirəm.
Sədrlik edən. Çox sağ olun. Mən birinci dəfədir görürəm ki, Milli Məclisdə hesabat hamının belə həmrəy münasibəti ilə çox yüksək səviyyədə qəbul olunur. Mən də bilirəm ki, Elmira xanım işlədiyi dövrdə xalqla, insanlarla, eyni zamanda, parlamentlə, dövlət qurumları ilə çox gözəl ünsiyyət yaratmışdır. Mənim fikrimcə, Ombudsman təsisatının adını Elmira xanım...
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Mən siz danışanda danışmıram, sizin sözünüzü kəsmirəm, qabiliyyətiniz olsun da, qoyun bir fikrimi deyim, sonra söz verəcəyəm. Mən hesab edirəm ki, Azərbaycanda ilk dəfə yaradılan Ombudsman təsisatının adı artıq Elmira xanımın adı ilə tarixə yazıldı. Elmira xanım müstəqil Azərbaycanın ilk Ombudsmanı oldu və bu vəzifəni layiqincə yerinə yetirdi.
Ancaq mən hiss edirəm ki, Siz həmrəyliyi hamı ilə yaratmamısınız, bir az narazı olanlar da var. Elmira xanım, indi onlara da söz verəcəyəm. Mən Sizə uğurlar arzu edirəm, inanıram ki, baxmayaraq, 7 illik müddət başa çatır, Siz yaratdığınız təsisatın işində həmişə iştirak edəcəksiniz. Bu istiqamətdə gələcəkdə mühüm işlərinizi aparacaqsınız. Gələcək işlərinizdə də Sizə böyük müvəffəqiyyətlər diləyirəm. (Alqışlar.)
Sədrlik edən. Müxalifətə həmişə “qrup” deyirlər. Qoy onlar da sözlərini desinlər. Hövsələləri çatmadı ki, mən çıxış edəndə sözümü kəsməsinlər. Mənim hövsələm çatacaq. İkram İsrafil, sualınız var, buyurun.
İ. İsrafil. Oqtay müəllim, əvvəla, Elmira xanımın hesabatını, təbii ki, biz də əvvəldən oxumuşduq və Milli Məclisdə müxalif fikrin eşidilməsindən narahat olmaq lazım deyil. Mən düşünürəm ki, Elmira xanım 7 il fəaliyyət göstərib və onun bundan artıq fəaliyyət göstərmək imkanlarının olmamasını biz də gözəl bilirik.
Düşünürəm ki, Elmira xanım bir xanım olaraq, Ombudsman institutunun formalaşdırılmasında əlindən gələni edibdir. Ancaq insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində Elmira xanımın istənilən, yəni lazım olan, nə qədər mümkündür, ondan da artıq nələri isə etmək imkanı var idi, amma bunlardan istifadə edə bilməyibdir. Bu da Azərbaycanın reallıqlarından irəli gələn bir məsələdir. Ancaq Elmira xanımın yerində buradakı hər birimiz olsaydı, bundan da artıq işləmək imkanlarımız, təbii ki, olmayacaqdı. Ona görə də, xahiş edirəm, bu məsələ barədə müxalifət nümayəndələrinə də fikir bildirmək üçün vaxt ayırasınız və fərqli fikirlərin səslənməsinə şərait yaradasınız. Təşəkkür edirəm.
Sədrlik edən. Siz artıq sual əvəzinə fikir bildirdiniz, çıxış da elədiniz. Dediyim başqa məsələdir, onu bir də demək istəmirdim. Bizim bəzi millət vəkilləri fikirlərini söylədilər. Bizim üçün, Azərbaycan üçün, doğrudan da, xaricdə nə müxalifət lazımdır, nə də ikili standartları tətbiq edən insan. Biz özümüz-özümüzə həmişə müxalifik. Bəzi millət vəkilləri çıxışlarında qeyd elədilər, bu yaxınlarda Azərbaycanda keçirilən Prezident seçkiləri haqqında Avropa Şurasının komitəsi qərar qəbul etdi ki, seçkilər yüksək səviyyədə keçirilib və bu seçkilərin büroda müzakirə edilməsinə ehtiyac yoxdur. Biz bunu çox gözəl qiymətləndirdik. Qarşıdan Ermənistan seçkilərinin müzakirəsi gəlirdi və bu seçkilərin müzakirəsində oradan nə bir qeyri-hökumət təşkilatı, nə bir prezidentliyə namizəd, nə də müxalif fikirli bir insan gəlmişdi ki, fikirlərini bildirsin.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Bir dəqiqə. Öyrənmisən yerindən danışmağa, qurtar da, ay Pənah, axı belə olmaz. Heç olmasa, Məclisə hörmət elə. Baş bulamaqla yox, hərəkətlə. Biz bunun şahidi olduq ki, Azərbaycanı Ermənistana uyğunlaşdırmaq üçün yeni bir məsələ ortaya çıxardılar. Dedilər ki, Azərbaycanda siyasi məhbus məsələsi var. Həm Avropa Şurasının, həm Azərbaycan hökumətinin, həm də Azərbaycan parlamentinin təkidi ilə sübut edildi ki, Azərbaycanda siyasi məhbus söhbəti yoxdur. Sonra Azərbaycanda qeyri-hökumət təşkilatlarının, parlamentin, hökumətin iştirakı ilə bir işçi qrup yarandı. Bu qrup öz işini uzun müddət gözəl aparırdı. İndi buna baxmayaraq, Azərbaycanı, yenə deyirəm, Ermənistanla bərabər tutmaq üçün belə bir fikri ortaya atmışlar. Bu fikri də ortaya atanlar yenə biz özümüzük, azərbaycanlılardır, bu torpağın çörəyini yeyən insanlardır. Onlar milli mənafeyimizə uyğun olmayan məsələləri şişirdərək, Azərbaycanı pis vəziyyətə qoymaq istəyirlər. Mənim dediyim söz bu idi, yəni iş görülübsə, xahiş edirəm, bu pafoslu çıxışları kənara qoyaq.
Mənim İkram müəllimə çox hörmətim var, ancaq dediyi sözlərin içində bir iynəli ifadə işlətməyi də olur ki, bu, düzgün alınmır. Şərait yaratmaq deyirsiniz, indiyə kimi hamınıza hər cür şərait yaradılıbdır, həmişə sözünüzü də vermişik. Burada müxalif, iqtidar fikri, söhbəti yoxdur. Yazılırlar, çıxış edirlər, sözlərini deyirlər. Sizin vaxtınızda da belə olub, indi də belədir, həmişə də belə olacaq. Azlıq çoxluğa tabedir, bunu yadda saxlayın. Təklif var ki, məsələ səsə qoyulsun.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Elə belə hərəkətinə görə sizə söz vermədim.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 12.07 dəq.)

Lehinə 99
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  100
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.

(FASİLƏDƏN   SONRA)

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z. Əsgərov sədrlik edir

Sədrlik edən. Xahiş edirəm, yerlərinizi tutun. Növbəti məsələ “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişiklik edilməsi barədədir. Mədəniyyət məsələləri daimi komissiyasının sədri Nizami Cəfərov məruzə edir. Buyurun, Nizami müəllim.
N. Cəfərov, Milli Məclisin Mədəniyyət məsələləri daimi komissiyasının sədri.
Çox sağ olun, Ziyafət müəllim. Hörmətli millət vəkilləri, “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun yalnız bir maddəsinə – 19-cu maddəyə müvafiq əlavələr edirik. Mən bu məsələnin mahiyyəti haqqında danışmazdan qabaq bir neçə cümlə ilə fikirlərimi demək istəyirəm.
Bilirsiniz ki, respublikamızın ictimai-siyasi həyatında çox ciddi proseslər baş verir. Bunların böyük hissəsi bizim iqtisadi inkişafımızla bağlıdır. Ümumiyyətlə, düşüncə tərzimizdə xeyli böyük irəliləyişlər var. Bunların bir hissəsi bizim özümüzün daxili inkişafımızla bağlıdırsa, bir hissəsi də dünya informasiya, ictimai-siyasi məkanına inteqrasiyamızla bağlıdır. Kütləvi informasiya vasitələri sayəsində görülən işlərimiz kifayət qədər çoxdur.
Mən dünən baş vermiş bir hadisə münasibəti ilə cəmiyyətimizi təbrik etmək istəyirəm. Milli Teleradio Şurası ayrıca televiziya kanalı “ATV İNT” və yaxud ”ATV İnternational” dediyimiz bir televiziya kanalı üçün lisenziya verdi. Burada məqsəd ondan ibarətdir ki, ictimai həyatımızda gedən müəyyən proseslər, iqtisadi, mədəni yüksəlişimiz dünyaya çatdırılsın. Həqiqətən, bizim televiziyalarımızın çox zaman baş verən hadisələri dünya miqyasında və dünya standartlarına uyğun, insanların dərk edə biləcəkləri formalarla, modellərlə çatdırmaq imkanı olmayır.
Mən ATV-ni təbrik etmək istəyirəm. Bu bizim kütləvi elektron informasiya vasitələri sistemimizdə çox böyük müvəffəqiyyətlər qazanan, uğurlu yerlərdən birini tutan kanaldır. Belə bir işin həmin kanala tapşırılması, elə bilirəm ki, uğurlu haldır. Bu kanal müxtəlif dillərdə, o cümlədən bizim dostlarımızın və düşmənlərimizin dillərində xəbərlər yayacaq, amma bizim xəbərləri, doğru xəbərləri yayacaq və Azərbaycan barəsində geniş məlumat verəcək. Mən ATV-nin əməkdaşlarını bu məsuliyyətli işin öhdəsindən gəlməyə çağırıram. İnformasiyanın toplanması, işlənməsi mürəkkəb, çətin məsələdir. Amma inanıram ki, ATV bunun öhdəsindən gələcəkdir.
Mədəniyyət məsələləri daimi komissiyasında nəzərdə tutulmuşdu ki, həm “Kütləvi informasiya vasitələri haqqında”, həm də “Teleradio yayımı haqqında” qanunlara əlavələr edilsin. Amma biz hələlik ikincisini saxlayırıq, çünki orada mübahisəli məsələlər var. Elə bilirəm ki, bunları mütəxəssislərin iştirakı ilə bir daha müzakirə etməliyik. Amma “Kütləvi informasiya vasitələri haqqında” Qanunun 19-cu maddəsinə əlavələr edəcəyik. Bu qanun kifayət qədər mükəmməl qanundur. Müvafiq əlavələr həyatımızın tələblərindən və mövcud kütləvi informasiya vasitələrinin praktikasından irəli gəlir. Müəyyən məsələləri mən izah edəcəyəm, Mətbuat Şurasının sədri Əflatun Amaşov da buradadır, müəyyən məsələlərə də o, aydınlıq gətirə bilər. Müəyyən yazılardan da göründüyü kimi, müzakirəni bir az genişləndirmək olar. Nəyi dəyişirik, daha doğrusu, nəyi əlavə edirik? 19-cu maddəyə əlavə olunur ki, əcnəbi və ya ali təhsili olmayan şəxs mətbu nəşrin redaktoru vəzifəsinə təyin edildikdə, müvafiq icra orqanı iki ay müddətində bu orqanın dayandırılması ilə bağlı məhkəmə qarşısında iddia qaldırır.
İkinci məsələ bundan ibarətdir ki, kütləvi informasiya azadlığından və ya jurnalist hüququndan sui-istifadə etməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra, həmin əməli il ərzində təkrar törətdikdə, mətbu nəşrin fəaliyyətinin iki ay müddətində dayandırılması barədə məhkəmə qarşısında iddia qaldırılır. Bu nədən irəli gəlir? Əvvəla, Azərbaycanda əcnəbi vətəndaşların baş redaktor, yaxud redaktor olması bir sıra problemlər yaradıbdır. Biz bunu təcrübədən görmüşük. Dünya praktikasında da belədir ki, mətbuat aləmi strateji bir sahə kimi həmişə yalnız dövlətin yox, həm də millətin, xalqın nəzarəti altında olmalıdır. Azərbaycanın indiki ictimai-siyasi vəziyyətində də düşünürük ki, bu nəzarət bir qədər güclü olmalıdır. Bu, əlbəttə, mətbuat azadlığına qarşı çıxmaq, Azərbaycan mətbuatının dünyaya inteqrasiyasına mane olmaq deyil. Amma dünyada, xüsusilə regionda gedən proseslər bizi bu məsələlərdə müəyyən qədər ehtiyatlı olmağa məcbur edir. Başqa izahat da vermək olar, amma mən izahata keçmirəm.
Digər əsas məsələ baş redaktorun və redaktorun ali təhsilli olmasıdır. Biz hətta düşünürük ki, baş redaktor və redaktor gərək, əslində, professional təhsilli olsun, yəni dar mənada jurnalist olsun, bir az da dar mənada jurnalistika fakültəsini bitirmiş, ali jurnalistika təhsili almış olsun. Amma Azərbaycanda müxtəlif formalı, müxtəlif funksiyalı, hüquq, ədəbiyyat sahəsi ilə, iqtisadiyyatla, təsərrüfat-texniki proseslərlə bağlı mətbuat orqanları var. Ona görə də belə hallarda redaktorlar həmin sahələr üzrə də ali təhsilli mütəxəssis ola bilərlər. Burada ali təhsilin sahələri məhdudlaşdırılmır. Amma təcrübə göstərir ki, bugünkü reket qəzetlərimiz, yaxud “sarı mətbuat” dediyimiz mətbuatın başında, əsasən, ali təhsili olmayan şəxslər dayanırlar. Hətta ali təhsili olan belə redaktorların da mütləq əksəriyyəti, adətən, öz ixtisaslarını bilməyən, müəyyən qədər konyunkturaya gedən insanlar olurlar ki, bu da yolverilməzdir. Biz dünya praktikasına müraciət etsək, görərik ki, qəzetlərin redaktorları, yaxud baş redaktorları həmişə professionallar, yəni qələm tutmağı bacaranlar olurlar. Bizdə isə çox zaman baş redaktorun, redaktorun bir məqaləsi belə çap olunmur. Ümumiyyətlə, qələm adamı olmurlar, yaza bilmirlər, sadəcə olaraq, hansı məqsədlərlə isə bu funksiyanı daşıyırlar.
Sonda demək istəyirəm ki, əlavə və dəyişikliklərlə bağlı sizə paylanmış layihədə “dövri mətbu nəşrlərin pulsuz məcburi nüsxələri tirajın ilk buraxılışı hazırlanan kimi nəşriyyat tərəfindən on gün müddətində müvafiq qurumlara göndərilmədikdə” bəndi də var. Biz bunu layihədən çıxarırıq, yəni şöbədə də, komissiyada da bu məsələ müzakirə olunub və qanunun müəllifləri ilə də razılaşdırılıbdır. Belə nəzərdə tutulur ki, bu məsələyə ayrıca baxılmalıdır. Ona görə də bu vəziyyətdə baxılmayacaq. Bunun üzərində bir daha düşünməli olacağıq. Ona görə ki, çox zaman bu məsələdə mübahisələr əmələ gəlir, qəzetin məcburi nüsxələrini 10 gün müddətinə nəşriyyat göndərməlidir. Bəzi redaksiyalarımız elə vəziyyətdədirlər ki, onların məcburi nüsxələri müvafiq orqanlara göndərmək imkanları belə yoxdur. Bəzən qəzet çıxarmaq istəyən adamlar, qruplar, qurumlar heç bu işin ayda bir dəfə, 2 ayda bir dəfə də öhdəsindən gələ bilmirlər. Belə hallarla bağlı, elə bilirəm ki, gələcəkdə “Kütləvi informasiya vasitələri haqqında” Qanunda düzəlişlər edəcəyik. Vəziyyət bundan ibarətdir. Sonra əlavə suallar olsa, cavab verərik. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Nizami müəllim. Rəbiyyət xanım, bu məsələ sizin komissiyada da müzakirə olunub. Əlavəniz varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Təşəkkür edirəm. Müzakirəyə keçirik. Aydın Mirzəzadə.
A. Mirzəzadə. Təşəkkür edirəm, Ziyafət müəllim. Vaxtaşırı parlamentdə biz “Kütləvi informasiya vasitələri haqqında” Qanuna və yaxud da bu sahəni tənzimləyən qanunlara düzəlişlər edirik. Digər sahələrə nisbətən bu sahə ilə bağlı qanunlarda düzəlişlərin edilməsi ciddi müzakirələrə səbəb olur. Söhbət bir qayda olaraq “dördüncü hakimiyyət” adlanan kütləvi informasiya vasitələrindən gedir. Hakimiyyətin üç hüquqi qolunun fəaliyyətinə cəmiyyətdə böyük diqqət var, eləcə də bu qolların fəaliyyətini işıqlandıran, cəmiyyətdə onlar haqqında rəy yaradan dördüncü hakimiyyətin də necə olması, hesab edirəm ki, cəmiyyətin necə olmasından xəbər verir.
Bu gün təklif edilən dəyişiklikləri müsbət sayıram, onlara səs verəcəyəm. Hesab edirəm ki, vaxtında və düzgün edilmiş dəyişikliklərdir. Sonradan bu dəyişikliklərin bir qədər də genişləndirilməsi təklifini edəcəyəm. Bu dəyişikliklər ümumən kütləvi informasiya vasitələrinin daha müstəqil, sərbəst və effektli olmasına yönəlibdir. Azərbaycan demokratik hüquqi dövlət quruluculuğunu həyata keçirir. Azərbaycan özünün müstəqil dövlətçiliyini daim möhkəmləndirir. Bu baxımdan biz nüfuzlu, eyni zamanda, qüvvətli qəzet, jurnal, internet səhifələrinin olmasında kifayət qədər maraqlıyıq. Bu gün kütləvi informasiya vasitələri ilə əlaqədə olan insanlar Azərbaycanda, həqiqətən də, nüfuzlu bir sektorun yarandığı qənaətinə gələ bilərlər. Azərbaycanda nüfuzlu qəzetlər, nüfuzlu qələm sahibləri və bu və ya digər məsələ haqqında qəzetlərdən informasiya öyrənmək tələbatı var. Bu baxımdan onların fəaliyyətinin hüquqi tələblərə cavab verməsi biz qanunvericilərin vəzifə borcudur. Biz vaxtaşırı bu məsələyə qayıtmalıyıq.
Azərbaycanda qəzetlərin sərbəst buraxılması üçün bütün şərait yaradılıbdır. Heç bir kəs yazdığı yazıya, düşüncəsinə, kimi isə tənqid etdiyinə görə məhkəmə məsuliyyətinə cəlb edilmir və yaxud da buna görə hansısa bir təqiblərə məruz qalmır. İlk növbədə həm kütləvi informasiya vasitəsi, həm də jurnalist yazdığı yazıya, dediyi sözə görə daxilində bir senzura qurmağı bacarmalıdır və bu proses artıq gedir. Jurnalist dediyi hər bir sözün cəsarətliliyinə, eyni zamanda, onun qanunlara nə qədər düzgün gəlməsinə kifayət qədər diqqət verməlidir. Bu yaxınlarda müxalifət qəzetlərinin birində işləyən bir jurnalistlə söhbətdə o mənə bildirdi ki, biz çox sərbəst şəkildə dövlət başçısını tənqid edə bilirik. Mən məsələni belə qoyuram ki, həqiqətənmi bizim dövlət başçısı tənqid edilməyə layiqdir? Həqiqətənmi onun fəaliyyətində siz qüsurlar görürsünüz? Əgər o bunu bir fəxrlə desəydi, başqa məsələ, o, Azərbaycanda ali rəhbəri sərbəst şəkildə tənqid etməyin mümkünlüyünə adi bir iş kimi baxırdı. Bu heç də asanlıqla başa gəlməyib, böyük bir fəaliyyət, aparılan islahatlar, qəzet və jurnalların yerinin tapılması istiqamətində görülən işlər nəticəsində mümkün olubdur. Bu baxımdan təqdim edilən dəyişikliklər jurnalist dostlarımıza, sevimli kütləvi informasiya vasitələrimizə daha ciddi və nüfuzlu olmağa kömək edəcəkdir.
Birinci bənd, əcnəbi və ya ali təhsili olmayan şəxsin mətbu nəşrin redaktoru vəzifəsinə təyin edilməsinə qadağa qoyulması barədə bənd vaxtında qaldırılan məsələdir. Çox təəssüf ki, bu hal var və davam edir. Vaxtaşırı Azərbaycanın daxili işlərinə qarışmaq, Azərbaycanda gedən prosesləri xaricdə müəyyən dairələrin xeyrinə yönəltmək istəyində bulunanlar olurlar. Bu baxımdan müxtəlif cəhdlər edilir, hansısa siyasi partiyalara vəsaitlər ayrılır, hansısa şəxslər onların maraqlarına uyğun çıxış etməyə çalışırlar. Ən asan, effektli yol isə onların nəzdində hansısa bir qəzeti ələ almaq və yaxud da yeni bir nəşr yaradaraq, maliyyə vəsaiti ayıraraq əcnəbi şəxsi oraya baş redaktor təyin etməkdir. Belə nümunələr kifayət qədər olubdur. Bunun nəticəsi də bizim yaddaşımızda hələ yenidir. Bu baxımdan hesab edirəm ki, Azərbaycanda ictimai mühiti formalaşdıran, ictimai mühitə təsir edən vasitələrə ilk növbədə Azərbaycan vətəndaşları, o cümlədən ali təhsili olan şəxslər təyin edilə bilərlər. Bu məsələ dövlətin nəzarəti altında olan məsələlərdir.
Eyni zamanda, təklif edirəm ki, bu bəndə bir məsələ də əlavə edilsin. Vaxtaşırı biz kütləvi informasiya vasitələrinin, ayrı-ayrı qəzet və jurnalların, informasiya agentliklərinin xaricdə mənbəyi məlum olmayan fondlardan böyük məbləğdə qrantlar alması barədə informasiyalar oxuyuruq. Sərbəst şəkildə bunlar dərc edilir. Amma heç kəs soruşmur ki, tanınmış bir qəzet və yaxud da informasiya agentliyi xaricdən 10, 50, 100 min dollar məbləğində aldığı qrantları nəyə xərcləyir? Nə səbəbdən həmin resursları Azərbaycan daxilində deyil, xaricdən almağa meyillidirlər? Bu o deməkdirmi ki, musiqini ilk növbədə musiqiyə pul xərcləyən insan sifariş edir? Bu sifarişçiləri də həmin qəzetlərin, informasiya agentliklərinin aldığı qənaətinə gələ bilmərikmi? Gələcəkdə ediləcək dəyişikliklərdə ilk növbədə Azərbaycanın kütləvi informasiya vasitələrinin xaricdən qrant almasına qadağa qoymaq barəsində bir bənd salmaq lazımdır.
Burada hörmətli Nizami müəllim bildirdi ki, bəzi qəzetlərin məcburi nüsxələrini müvafiq dövlət orqanlarına göndərmək üçün maliyyə imkanları yoxdur. Mən başa düşmürəm, maliyyə imkanı olmadığı halda qəzet nə cür fəaliyyət göstərə bilər? Qəzet tribunadır, səsdir, mövqedir və mövqeni bildirən ilk növbədə ciddi maliyyə bazasına malik olmalıdır. İki ayda bir nömrə buraxan və həmin nömrələri papkasına yığıb qapı-qapı gəzən qəzetləri Azərbaycan mətbuatı adlandırmaq olarmı? Bunu Azərbaycan cəmiyyətinin, Azərbaycan ziyalısının mövqeyi adlandırmaq olarmı? Bu baxımdan ikinci bəndin də bu gün müzakirəyə qoyulmasına tərəfdaram. Öz qəzetini kuryer vasitəsi ilə 2–3 orqana göndərə bilməyən və bunu maliyyə vəsaitinin olmaması ilə əlaqələndirən qəzetin fəaliyyət göstərməsinə ehtiyac yoxdur. Hər bir qəzet ilk növbədə ciddi maliyyə bazasına malik olmalıdır. Onu həll edəndən sonra qəzet kimi qəzet bazarına çıxa bilər. Qəzetin ciddi yazarları, tanınmış jurnalistləri olmalıdır.
Burada bir məsələyə də mən diqqətinizi yönəltmək istəyirəm. Mən vaxtaşırı mətbuat orqanları ilə əlaqədə, münasibətdə oluram, mövqe bildirməli oluram.
Yerdən. (Eşidilmir.)
A. Mirzəzadə. Mən sözümü burada dayandırıram.
Sədrlik edən. Nə təklif edirsiniz? 5 dəqiqəlik reqlamentə etiraz yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Aqil Abbasov, buyurun.
A. Abbasov. Bu, ciddi bir məsələdir. Mən 10 dəqiqə danışacağam. İcazə vermirsinizsə, mən də tərk edib gedim.
Sədrlik edən. Onda biz 10 dəqiqə reqlamenti məhdudlaşdırmayaq, amma kim istəyirsə, 5 dəqiqə danışsın. Olar?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. 10 dəqiqə reqlament qüvvəsində qalsın, amma qısa danışmağa çalışaq ki, digər deputat həmkarlarımızın da danışmaq imkanı olsun. Davam edirik. Gövhər xanım Baxşəliyeva.
G. Baxşəliyeva. Mən də “Kütləvi informasiya vasitələri haqqında” Qanuna təklif olunan dəyişikliklər və əlavələrlə tam razıyam və onun lehinə səs verəcəyəm. Kütləvi informasiya vasitələrində çalışan şəxslər öz məsuliyyətlərini tam dərk etməlidirlər. Başa düşməlidirlər ki, son dərəcə mühüm əhəmiyyətli işlə məşğuldurlar və qanunun bütün müddəalarına riayət etməlidirlər.
Hörmətli Ziyafət müəllim, mənim təkliflərim nədən ibarətdir? Mənim təklifim redaktə xarakteri daşıyır və qrammatik yazılış qaydaları haqqındadır. Təklif olunan dəyişiklikdə yazılıb: “Aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin: müvafiq icra hakimiyyəti orqanı...” və sonra 3-cü bənd gəlir. Amma bizə verilən arayışda maddənin mövcud variantı da, təklif olunan yeni variantı da göstərilib. Yeni variantdan məlum olur ki, bu dəyişikliklər heç də ikinci hissə kimi əlavə olunmayıb, birinci hissə kimi əlavə olunub. Mən xahiş edərdim, onların yeri dəyişdirilsin. Xahiş edirəm, bu arayışa baxın, birinci hissə kimi verilir, amma ikinci hissə kimi yazılır. Xahiş edirəm, buna diqqətlə baxsınlar və müvafiq düzəlişlər aparsınlar.
Bir də, qrammatik yazılış qaydası ilə əlaqədar qeydimi demək istərdim. Belə ki, burada “müvafiq icra hakimiyyəti orqanı” sözlərindən sonra iki nöqtə qoyulur və üç bənd gəlir. Üçüncü bənddə deyilir: “kütləvi informasiya azadlığından və jurnalist hüququndan sui-istifadə etməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra, həmin əməli il ərzində təkrar törətdikdə, mətbu nəşrin fəaliyyətinin iki ay müddətində dayandırılması barədə məhkəmə qarşısında iddia qaldırır”. Bu variantda verildiyi kimi yazılanda, vergüldən sonra elə alınır ki, “mətbu nəşrin fəaliyyətinin iki ay müddətinə dayandırılması barədə məhkəmə qarşısında iddia qaldırır” sözləri yalnız üçüncü müddəaya aiddir. Halbuki qrammatik yazılış qaydasına görə “törətdikdə” sözündən sonra tire qoyulmalı və “mətbu nəşrin fəaliyyətinin iki ay müddətinə dayandırılması barədə məhkəmə qarşısında iddia qaldırır” sözləri yeni sətirdən yazılmalıdır. Yalnız onda bu cümlə hər üç bəndə şamil edilir. Ona görə mən xahiş edərdim, bu məsələyə bir daha diqqət yetirsinlər. Hər halda Nizami müəllim Azərbaycan dilinin çox görkəmli bilicisidir. Sağ olun.
Sədrlik edən. Sağ olun, Gövhər xanım. Zahid Orucov.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Aqil müəllim, mən siyahıya əsasən söz verirəm. Zahid müəllim, etiraz eləmirsinizsə, ağsaqqala söz verək. Buyurun, Aqil müəllim.
A. Abbasov. Təşəkkür edirəm, mən az danışan deputatlardanam.
Sədrlik edən. Aqil müəllim, çıxışınız qüvvədə qalır.
A. Abbasov. Adım siyahıdan təsadüfən çıxarılıbdır. Söhbət ondan getmir. Əvvəla, Nizami müəllim çox ciddi məsələləri qaldırdı. Mən də çox sevinirəm ki, “ATV İNT” kimi bir telekanal açıldı. Mənim də çoxdankı arzum idi ki, heç olmasa, erməni dilində xəbərlər verilsin, ermənilər Azərbaycanda hansı inkişafın getdiyini, Azərbaycanda necə dövlət qurulduğunu bilsinlər. Onlar bizim həqiqətləri bilmirdilər. Yəni Azərbaycan televiziyasından müxtəlif dillərdə xəbərlər verilməsini çox yüksək qiymətləndirirəm. Bu, məsələnin bir tərəfi.
İkinci məsələyə keçək. Mən Azərbaycanda mətbuatın nə gündə olduğunu çox yaxşı bilirəm, çünki işim budur. Bu da ondan irəli gəlir ki, “Kütləvi informasiya vasitələri haqqında” Qanunda xeyli boşluq var. “Kütləvi informasiya vasitələri haqqında” Qanun təzədən işlənilməlidir. Belə xırda dəyişikliklərlə bu işi yoluna qoymaq mümkün olmayacaq. Bu, milləti məhv edəcək. Bunun qarşısını almağın başqa yolları olmalıdır. Milli Teleradio Şurasının əlində ixtiyarlar var, Mətbuat Şurasının da səlahiyyətləri artırılmalıdır. Onlara da hüquq verilməlidir ki, mübarizə apara bilsinlər. İctimai qınaqla heç bir vaxt heç nə əldə olunmayıb və olunmayacaq da. Çox üzr istəyirəm, dəfələrlə ana-bacılarımdan üzr istəyirəm. Bizim qınadığımız Mətbuat Şurasının, mən düz deyirəm, qınadığımız adamların üzündə həya qalmayıb ki, onlar qınaqdan çəkinsinlər. Onları qınamaqla heç bir şeyi yoluna gətirmək mümkün deyil. Cəza tədbirləri olmalıdır, çox təəssüf ki, bu da yoxdur.
Təqdim edilmiş layihədə deyilir ki, “əcnəbi və ali təhsili olmayan şəxs mətbu nəşrin redaktoru vəzifəsinə təyin edildikdə” müvafiq icra hakimiyyəti orqanı məhkəmə qarşısında iddia qaldırır. Əvvəla, belə bir iddia qaldırıla bilər. Ümumiyyətlə, bu, qadağan olunmalıdır. Məsələnin bir tərəfi. İkinci, bu cür mətbu nəşr təsis edilməməlidir, bunun da qarşısı alınmalıdır. Yoxsa bir əcnəbi gəlsin, qəzet təsis etsin? Bir azərbaycanlı jurnalistə də pul versin və o da ağzına gələni yazsın. Azərbaycanda belə nəşrlər var, Azərbaycan dövlətinin, Azərbaycan millətinin əleyhinə istədikləri qədər yazılar yazırlar, heç bir məhkəmə, heç bir orqan da bununla maraqlanmır. Onların qarşısını nə cür almaq olar? Belə təsislərə icazə verilməməlidir. Azərbaycanda bir çox dini təriqətlər, missioner təşkilatlar qəzetlər açırlar.
Dini qəzetlərin də qarşısı alınmalıdır. Şeyxülislamın qəzeti yoxdur. Amma kiçik dini təşkilatlar haradansa para, pul alırlar, burada qəşəng qəzetlər buraxırlar və Azərbaycanı hər bir yola çəkirlər. İnsanları dinlərindən, əqidələrindən döndərirlər. Bu, milli təhlükəsizlik məsələsidir, adi məsələ deyil. Bunun da qarşısının alınmaması kütləvi informasiya vasitələri ilə bağlı qanunlarımızdakı boşluqlardan irəli gəlir. Bunun da qarşısı alınmalıdır. Bunlar çox ciddi məsələlərdir.
Üçüncü, bayaq Nizami müəllim dedi, qəzetlər var ki, heç maaş da verə bilmirlər, redaksiyası da yoxdur. Ədliyyə Nazirliyinə poçtla bir məktub göndərir, qəzet təsis edir və kimi deyirsən, onun əleyhinə də yazılar yazır. Buna qanun icazə verir. Amma Azərbaycanın başqa qanunları da var. Qardaşım, Vergilər Nazirliyi, müxtəlif təşkilatlar var. Niyə gəlib yoxlamırlar ki, “Ədalət” qəzeti 10 ildir hansı pulla çıxır, işçilərə nə qədər maaş verir, Sosial Fonda nə qədər pul keçirir, işçilərini sığorta etdirirmi? Azərbaycanda cəmi iki-üç qəzet həmkarlar təşkilatının üzvüdür. Dara düşəndə hamı yüyürür Səttar müəllimin üstünə. Sən onu müdafiə edirsənmi? Yox, bunu da ciddi yoxlamalıdırlar. Onda qəzetlər bizim dediyimiz kimi, əsl qəzetlərə çevrilə bilərlər. Reket, saxta, şantajçı, insanları və milləti təhqir edən qəzetlər yer ala bilməzlər.
Bir az əsəbi danışıram, üzr istəyirəm, bu çox ağrılı məsələdir. Məni heç vaxt heç bir qəzet təhqir etməyib, çünki əlimdə qəzet var, bəlkə ondan qorxurlar, ya da bir az xarakterimdən çəkinirlər. Amma burada oturan deputatların, demək olar ki, hamısını... Deputat olmasın, adi bir fəhlə, adi bir insan olsun, kim olursa-olsun, onun ailə işinə qarışmaq, ailəsinə sataşmaq yolverilməzdir. Həmin qəzetləri də aparıb onun ailəsinin yaşadığı məhəlləyə atırlar. Bunun qarşısını da heç kim ala bilmir. Mətbuat Şurası 40 qəzetin adını çəkib, bunlar reketlik edirlər. İndi həmin 40 qəzet düşüb Əflatun Amaşovun üstünə, onu təhqir edirlər, heç bir qanun da bunun qarşısını ala bilməz. Ona görə də Əflatun Amaşov qorxusundan 41-ci qəzetin adını çəkməyəcək. Bildinizmi, məsələ budur. Deyirlər ki, qəzeti məhkəməyə verdilər. Bəli, haqsız yerə tutulan jurnalistlər də var. Bu, artıq məhkəmə problemidir. Amma insanları təhqir edən jurnalistləri heç tutan yoxdur. Ailə işlərinə qarışan jurnalistləri həbs edən, onlara cəza verən yoxdur. Onlar istədikləri qədər yazırlar, arxalarında da kimsə durur, heç onlara bir söz deyən yoxdur. Hansı qəzeti açsanız, hər gün kimi isə təhqir edirlər. Amma heç kim dillənmir, çünki məhkəməyə getməyə ərinirlər və sair və ilaxir. Məhkəmələr də, bilmirəm, hansı qərarı çıxaracaqlar?
Bir məsələyə də toxunmaq istəyirəm. Mən 10 dəqiqə danışmayacağam. Layihədəki 3-cü bənddə deyilir: “kütləvi informasiya azadlığından və jurnalist hüququndan sui-istifadə etməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra, həmin əməl il ərzində təkrar törədildikdə, mətbu nəşrin fəaliyyətinin iki ay müddətinə dayandırılması barədə məhkəmə qarşısında iddia qaldırır”. Əgər bir jurnalist xəta törədibsə və həmin qəzetin redaksiyası onu cəzalandırıbsa, işdən çıxarıbsa və yaxud qəzetin özü jurnalisti məhkəməyə veribsə, işi həll eləyibsə, təsadüf nəticəsində həmin qəzet yenidən bu əməli törədərsə, bunu iki ay müddətinə bağlamaq haqsızlıqdır. Əgər həmin məsələ qəzetin mövqeyidirsə, lap bağlasınlar qəzeti, amma iki ay müddətinə onun fəaliyyətini dayandırmaq söz azadlığına bir az zərbə ola bilər.
Bağışlayın, bir az əsəbi danışdım, bu, ciddi məsələdir, Ziyafət müəllim. Sabah bütün qəzetlər mənim əleyhimə danışacaqlar ki, mən onları müdafiə etmədim. Mən hər bir qəzeti müdafiə etməyə hazıram, amma o qəzeti ki, haqqı, ədaləti yazır, ölkəmizdə baş verənləri düzgün işıqlandırır. Kiməsə böhtan, şər atan qəzetləri müdafiə etmək olmaz. Bunun qarşısını qanun almalıdır, təəssüf ki, Azərbaycanda belə bir qanun yoxdur. Çalışmaq lazımdır ki, “Kütləvi informasiya vasitələri haqqında” Qanun təkrar Milli Məclisin gündəliyinə gəlsin. Təşəkkür edirəm.
Sədrlik edən. Aqil müəllim, çox sağ olun, təşəkkür edirəm. Doğrudan da, Siz burada ciddi məsələlər qaldırdınız. Aqil müəllim, Siz peşəkar qəzetçisiniz, həm də bizim komissiyanın üzvüsünüz. Əgər təklifləriniz varsa, buyurun, hazırlayın, böyük məmnuniyyətlə biz komissiyada, Nizami müəllim və Rəbiyyət xanımla bir yerdə müzakirə edib məsələni Milli Məclisə çıxara bilərik. O ki qaldı qəzetlərdə təhqir, böhtan məsələsinə, uzun müddətdir müxalifət mətbuatında deyirlər ki, diffamasiya haqqında qanun qəbul olunmalıdır, təhqirə və böhtana görə məsuliyyət aradan götürülməlidir. Əgər fikir vermisinizsə, referendum aktının layihəsində də kütləvi informasiya vasitələri, söz, mətbuat azadlığı ilə bağlı müəyyən dürüstləşdirmələr aparılıbdır. Bu da, əlbəttə, hər bir vətəndaşın, dövlətin, cəmiyyətin mənafeyi üçün edilir. Amma buna baxmayaraq, yenə də tənqidlər eşidirik, tənqid olunuruq.
Ailə cəmiyyətin əsasıdır. Əgər biz ailənin dağılması üçün müəyyən hərəkətlər ediriksə, onda cəmiyyət dağılır. Cəmiyyət də dağılanda nə baş verəcək? Mən tamamilə sizinlə razıyam, Aqil müəllim. Ailənin, cəmiyyətin möhkəmləndirilməsi üçün, hesab edirəm ki, biz hər şey etməliyik. Əlbəttə, söz, mətbuat azadlığı qorunmalıdır, bu hər bir şəxsin fundamental hüququdur, beynəlxalq konvensiyalarda, sənədlərdə həmin məsələ öz əksini tapıb. Amma bunlardan sui-istifadə edib, ailəni, cəmiyyəti dağıtmağa heç kimin ixtiyarı yoxdur və buna imkan verilməyəcək də. Zahid Orucov, buyurun.
Z. Orucov. Təşəkkür edirəm. Hörmətli Ziyafət müəllim, hörmətli Milli Məclis üzvləri! Mən hörmətli həmkarımız Aqil müəllimin fikirlərini bölüşürəm. Həqiqətən də, onun yanğı ilə danışmağa əsası var, çünki bir peşəkar kimi bu sahənin problemləri ilə uzun illər ərzində qarşılaşıbdır. Məsələ ondadır ki, hazırkı dəyişikliklər də eyni dairələr tərəfindən süngü ilə qarşılanmaqdadır və növbəti qrant layihələri üçün mövzu var və əslində, sanki belə bir şəbəkə yaradılıb. Bu addımlar atılır, sonra növbəti qrantlar verilir, daha sonra Azərbaycan Sərhədsiz Reportyorlar Birliyi tərəfindən müəyyən bir yerə layiq görülür, həmin şkala əsasında növbəti maliyyə ayırmaları baş verir və sair. Mən hesab edirəm ki, əslində, bu cür ayrı-ayrı qurumlar dünyanın idarə olunmasında mühüm vasitələrdir. Yaxşı ki, sərhədsiz müəllimlər birliyi, sərhədsiz həkimlər birliyi yoxdur, eyni çətir altında bunların da ətrafında belə siyasi spekulyasiyalar aparılardı.
Mətbuat, söz azadlığı məsələsi elə bir həssas problemə çevrilib ki, bunun vasitəsilə istənilən ölkənin daxili işlərinə qarışmaq, istənilən ölkəyə təzyiq etmək mümkündür. Gəlin görək, bu müddəalarda söz azadlığına toxunan nə var? Müxalifət düşüncə sahiblərinin də tabloda adları var, yəqin, mənim dediyimin əksini iddia edəcəklər. Amma mən bəri başdan söyləyim ki, hörmətli Ziyafət müəllim, biz Azərbaycanın müstəqillik dönəmində 3–4 qüvvəni görmüşük. Biz hərbi müxalifətdən, maliyyə müxalifətindən xilas olmuşuq. Qalıb bu mənəvi killerlik fəaliyyəti aparan, sözdən terror vasitəsi kimi istifadə edən qüvvələrdən xilas olmaq. Onları barmaqla saymaq olar. Düzdür, belə qəzetlərin sayı 30–40-a çatır. Amma heç kimin azadlığını tanımayan, hamının mənəviyyatı üzərində “Linç məhkəməsi” açmaq hüququnu özündə saxlayan adamların adları bəllidir. Bir dəfə həbs olunurlar, təkrar azadlığa çıxırlar, başqalarını yenə təhqir edirlər. Mən bilirəm, bu yaxınlarda həmkarımız İlyas İsmayılov kimi isə məhkəməyə vermişdi, sonra iddiasını geri götürdü.
Mənim üçün çox maraqlıdır. Necə olur ki, müxalifət nümayəndələri hər hansı bir qəzet təmsilçisini məhkəməyə verəndə, bu, söz azadlığına basqı olmur, amma bir hakimiyyət nümayəndəsi öz şərəf və ləyaqətini qorumaq üçün addımlar atanda dərhal azad mediaya basqı olur? Əslində, bizim media bu gün də soyuq müharibənin qaydaları ilə işləməkdədir. Bu gün günün birinci yarısında hörmətli həmkarımız Siyavuş Novruzov bu barədə dedi. Bəziləri hesab edirlər ki, guya biz mətbuata həddən artıq azadlıq verdikcə, Qarabağa daha çox yaxınlaşacağıq, yəni bu bizi demokratiyaya qovuşduracaq, demokratiya da Qarabağa. Bu çox böyük səhvdir. Söz azadlığının bir dəqiq meyarı var, gərək sözün məsuliyyətini daşıyasan. Bir insanı maşınla və ya sözlə vurub öldürməyin heç fərqi yoxdur. İnsanın ürəyi çatlayır, ölür və özünə qarşı sözü qəbul eləyə bilmir. Həyatda belə insanlar da var.
Müxtəlif ölkələr söz azadlığı ilə bağlı çərçivələr müəyyənləşdiriblər. Məsələn, 11 sentyabrdan sonra Amerika Birləşmiş Ştatlarında milli təhlükəsizlik məsələlərini əsas götürərək, müxtəlif media orqanlarının üzərinə getdilər. “Əl-cəzirə” kanalını ölkədə yayımlamaqdan imtina edirlər və sair. Bir adam dinmədi ki, bu ölkəni azad mətbuata münasibət cədvəlində aşağı yerə qoyaq, yox, olmadı. Almaniya Federativ Respublikasında xəfiyyə qurumu jurnalistləri izlədiyinə görə dəfələrlə çox böyük səs-küy qalxıb. Gürcüstanda “İmedi” kanalı bağlandı və nəinki bağlandı, onların mülkiyyəti əllərindən alındı və bu gün də həmin problem qalmaqdadır. Amma Azərbaycanda bircə jurnalist barədə qaldırılan məsələ ölkədə insan haqlarının, media azadlığının vəziyyəti kimi ortalığa qoyulur. Qeyri-rəsmi məlumata görə, jurnalist vəsiqəsini daşıyanların sayı 30 minə yaxındır. Bu sözü dediyimə görə, bağışlayın, qısa danışmaq istəyirdim. Tolstoyun belə bir fikri var: “Amma vətənpərvərlik bu əclafların sığındıqları son sığınacaqdır”. Peşəkar jurnalistlərdən üzr istəyirəm. Jurnalist vəsiqəsi indi ən yaxşı bir istehkamdır, gizlənmə vasitəsidir. Həmin vəsiqəni qabağa verib toxunulmazlıq statusunu qazanaraq, insanların üzərinə gəlirlər.
Əslində, medianın tirajı aşağıdır. Bu onlara olan etimadsızlığın göstəricisidir. Mən demirəm, “Nyu-York Tayms” kimi 200–300 min tirajla çıxsın bu qəzetlər. Bunların tirajları vətəndaşların sosial durumu aşağı olduğu üçün az deyil. Sadəcə, insanlar bu qəzetləri almaq istəmirlər. Mətbuat, dediyimiz kimi, ötən dövr ərzində etimadı doğrultmadı. Əslində, mətbuatı dördüncü hakimiyyət sayırlar. Dördüncü hakimiyyət kifayət qədər böyük etimada malikdir. Əlbəttə, kifayət qədər etimad qazanmış jurnalistlərimiz də var. Heç şübhəsiz, biz onların fəaliyyətinə toxunmuruq.
Ermənistanda bir ay, Ziyafət müəllim, media dərc olunmadı. İnternetə çıxış qadağan olundu. Bu gün Ermənistan həmin indekslərdə Azərbaycandan qabaqdadır. Burada deyirlər ki, “Zerkalo” qəzeti Azərbaycan hakimiyyətinin siyasətini ən müxtəlif səviyyədə tənqid edən qəzetlər sırasındadır. Mən hələ görməmişəm, onların bir nümayəndəsi həbsə atılsın və yaxud məhkəmə çəkişmələrinə məruz qalsın. Amma insanları təhqir edirlər, sanki vətəndaşın şərəf və ləyaqəti yoxdur və onun üzərinə gedirlər.
Bir dəfə də bunu söyləmişdim, mətbuat köləlikdən, çirkli pullardan, sifarişlərdən və sairdən azad olsa... Ayrı-ayrı təsisçilər onların hüquqlarını pozurlar, bəzən aylarla qəzetçilərinə maaş verilmir. Özü də mən siyasi mətbuatdan, müxalifət mətbuatından danışıram. Partiya sədri var ki, qəzetlərə 50 minə qədər borcludur. Heç kim demir ki, o mənim haqqımı tapdalayır. Mətbuat azadlığı ayrı-ayrı media nümayəndələrinin timsalında qələmə verilir. Qətiyyən elə deyil, partiya rəhbəri həmin qəzetin haqqını pozursa, ondan danışsınlar. Mən hesab edirəm ki, təklif olunan, Nizami müəllim tərəfindən irəliyə sürülən bu müddəalar kifayət qədər yerindədir. Bilirəm ki, hörmətli Nizami müəllim hər bir sözün qədrini bilən insandır. 3-cü maddədə kütləvi informasiya azadlığından bəhs edilir. Bizdə də, beynəlxalq aləmdə də “mətbuat azadlığı” termini daha bərkiyib. Özü də mətbuat azadlığı dedikdə təkcə kağız, yəni qəzet nəşrləri yox, həm də elektron kütləvi informasiya vasitələri nəzərdə tutulur. Ona görə də bu maddədə mətbuat azadlığından bəhs edilsə, daha normal olar. Mən bu sənədə səs verəcəyəm.
Sədrlik edən. Təşəkkür edirəm. Siyavuş Novruzov.
S. Novruzov. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Təqdim olunan layihə ilə bağlı fikrimi söyləmək istəyirəm. Orada kifayət qədər ədalətli müddəalar var. Hörmətli Nizami müəllim də təqdimat mərasimində bir sıra fikirlər söylədi. Nizami müəllimin bir fikri ilə razı deyiləm. Bu, qəzet redaktorları ilə bağlı fikirdir. Ümumiyyətlə, bizdə bir qayda formalaşıb ki, hər bir sahəyə elə həmin sahənin mütəxəssisi rəhbərlik etməlidir. Mən Amerika Birləşmiş Ştatlarını misal göstərmək istəyirəm. Orada müdafiə naziri vəzifəsinə mülki şəxs təyin edirlər, dövlətin siyasətini həyata keçirirlər və hesab edirlər ki, dövlətin siyasətini mülki şəxs daha yaxşı həyata keçirə bilər. Həmin nazirin müavinləri, qərargah rəisi artıq peşəkar olmalıdır. Qəzet də, hesab edirəm, belə olmalıdır.
Təbii ki, redaktor vəzifəsinə ali təhsilli şəxs təyin olunmalıdır. Düzdür, istedadlı jurnalistlərdən söhbət gedir. Şəxs tibb institutunu bitirib, amma həmin işlə məşğul olmayıb, jurnalistika ilə məşğul olub daha böyük uğurlar əldə edə bilər. Yaxud başqa sahə üzrə təhsil alıb jurnalistika sahəsində özünü göstərə bilər. Yazı-pozu işi istedadla bağlıdır. Vaxt var idi ki, hər bir ailə uşağını musiqi məktəbinə qoymağa çalışırdı. Səkkiz il uşaq orada oxuyurdu, axırda musiqiçi olmurdu. Jurnalistika fakültəsini bitirmək o demək deyil ki, bu insan jurnalist olacaq. Ola bilər, həmin şəxs sonra yaxşı müəllim kimi çalışsın, başqa sahədə işləsin.
Çox vaxt görürsən ki, uşağın özü seçim etmir, onun valideynləri və yaxud qohum-əqrəbası bu sahədə çalışırsa, həmin sahə üzrə təhsil alır. İndi qəbul imtahanları test üsulu ilə keçirilir. Başqa fakültəyə qəbul olunmayan tələbələr bəzən jurnalistika fakültəsinə düşürlər. Bəzən bu sahələr bir-birinə uyğun gəlmir.
Amma bununla razıyam ki, qəzetdə çalışan hər bir adam ali məktəbi demirəm, heç olmasa, orta məktəbi lazımi səviyyədə bitirməlidir. Bu gün nələrlə rastlaşırıq? Orta məktəbdə lazımi səviyyədə təhsil ala bilməyən, ümumiyyətlə, jurnalistika aləmindən xəbəri olmayan bir adam həm qəzet açır, həm jurnalist işləyir, həm təsisçi, həm də baş redaktor olur. Hansısa hüquqi araşdırma nəticəsində məlum olur ki, bu adam haradan gəlib, nə işin sahibidir, niyə görə buraya gəlib çıxıb? Belə olanda da başlayırlar ki, jurnalistlərə qarşı təzyiqlər var. Araşdırıb bilmək lazımdır ki, bunun mənşəyi nədən ibarətdir? Sonra bu məsələlərdən danışmaq olar. Şeir, qəzəl yazan jurnalist adı ilə çıxış edir, onu tənqid edəndə də deyirlər ki, jurnalistə qarşı təzyiqlər başlayıb.
Mən Aqil müəllimin fikri ilə tamamilə razıyam ki, tək qeyd edilən maddələrə deyil, ümumiyyətlə, bu qanuna yenidən baxılmalıdır. Burada bir həmrəylik yaranıb. Ona dəyəndə mən qalxacağam, mənə dəyəndə o qalxacaq. İşçiyə qarşı təzyiq göstərilərkən hamı işçini yox, redaktoru müdafiə edir. İşçinin əmək müqaviləsi varmı? İki ay işçini işlədir, cibindən əmək haqqı verir, yola salır. Jurnalistlər var ki, 2 ay bu qəzetdə, 3 ay digər qəzetdə işləyirlər. Nə sosial sığortası, nə də əmək müqaviləsi var. Heç nəyi yoxdur. Onu təhqir edir, bunu təhqir edir. Kim isə abrına qısılır, kim isə jurnalisti məhkəməyə verir. On dəfələrlə məhkəmələr olub. Yazan, təhqir edən qalır qıraqda, məhkəməyə verənin üstünə düşürlər ki, sən niyə jurnalisti məhkəməyə vermisən, insan hüquqlarını pozmusan və sair. Bu məsələ də qanunvericiliklə tənzimlənir.
Başqa bir məsələyə toxunmaq istəyirəm. Bir sıra partiya sədrləri məhkəmə orqanının arxasında gizlənirlər. Özlərinin cəsarəti, qabiliyyəti, bacarığı yoxdur ki, ortalığa çıxıb fikir söyləsinlər. Jurnalistlər bəzi hallarda redaktorlar vasitəsilə fikirlərini cəmiyyətə yeritməyə və çatdırmağa çalışırlar. Bu yaxınlarda televiziyada referendumla bağlı debatımız olmuşdur. Partiya sədri gəlib çıxış etdi, ənənələrinə sadiq qalaraq, durdu, qaçdı. Biz isə fikrimizi söyləmişik. Özü durub qıraqda, bir-iki yazarı salıb ortaya. Niyə bu işlə jurnalistlər məşğuldurlar, nədən özünə bəraət qazandırmaq istəyirsən? Oturardın, axıra qədər müzakirə edərdin. Kim istəyir gəlsin, oturaq, söhbət eləyək, debata girək. Yoxdur, jurnalistlərin arxasında gizlənib. Sonradan jurnalisti də məhkəməyə cəlb eləyəndə, başlayırlar ki, ay aman, Azərbaycanda insan hüquqları, söz azadlığı pozulur və sair.
Hər bir sahənin öz peşəkarı olmalıdır. İnsan öz peşəsini həm sevməli, həm də ürəklə çalışmalıdır. Oraya qazanc məqsədi ilə, iş yeri nöqteyi-nəzərdən baxmamalıdır, peşə nöqteyi-nəzərdən baxmalıdır. Seçdiyi peşəyə insan hörmətlə yanaşmalıdır. Burada tamamilə bunun əksini görürük. Qəzetdə kim daha çox təhqir edirsə, ona daha çox maaş verirlər, kim daha çox analitik təhlil yazırsa, ona fikir verən yoxdur.
Bu gün Azərbaycan ordusu haqqında olmazın fikirlər yazırlar. Ermənistan mətbuatında ordu haqqında bir adam fikir söyləyir? Amerika Birləşmiş Ştatlarının İraqda olan əsgərlərinin 22-si birdən intihar etdi, 16-nı güclə xilas etdilər, 6-sı isə dünyasını dəyişdi. Amerika mətbuatının bir nümayəndəsi bu haqda məlumat yazmadı. Yaxud Böyük Britaniya kraliçasının nəvəsi Əfqanıstanda qulluq etdi, burada bir çox hadisələr oldu və sair. Bir mətbuat orqanında bu haqda məlumat getmədi. Azərbaycan mətbuatında yalan-doğru bütün məlumatlar yazılır. Ordu haqqında məlumatı qəzetlərdə vermək olmaz. Bunları oxumaq insanlar üçün çətindir. Gənclərdə müəyyən psixoloji baryer yaradılır və sair və ilaxir. Qəzetlərin birinci səhifəsini açanda oxuyursan ki, ata oğlunu öldürdü, nənə nəvəsini boğdu... Bu, qəzet materialı deyil, kriminal məlumatdır. Bu cür yazılar insanlara artıq psixoloji təsir göstərməyə başlayır. Mən hesab edirəm ki, bunların hamısı cəmiyyət üçün vacib olan materiallar deyil. Birinci səhifəyə baxırsan, artıq qəzeti oxumağa ehtiyac qalmır. Qəzetçilik sahəsində peşəkarlığa xüsusi ehtiyac var.
Bu qanun tamam başqa bir formada Milli Məclisə təqdim olunmalıdır. Elə bir qanun qəbul edək ki, Azərbaycan xalqının hər bir övladının maraqlarına xidmət etsin. Ziyafət müəllim, gözəl dediniz, ailə-məişət münasibətləri qəzetlərdə müzakirə olunmamalıdır. Hər kəsin peşəsi ilə, qulluq mövqeyi ilə bağlı məsələ ortaya qoyula bilər. Onun ailəsi, uşağı, nəsil-nəcabəti ilə bağlı məsələlər qoyula bilməz. Dövlət qulluğunda çalışan ayrı-ayrı adamların ailə-məişət məsələləri qəzetlərdə müzakirə olunur. Bunlar etikadan kənar məsələlərdir. Bu layihəyə səs verək, qəbul edək. Xahiş edək ki, yeni redaksiyada qanun layihəsi təqdim olunsun.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O. Əsədov sədrlik edir

Sədrlik edən. Sağ olun. Fəzail Ağamalı.
F. Ağamalı. Çox sağ olun, cənab Sədr. Hörmətli millət vəkilləri, əlbəttə, “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş əlavə və dəyişikliklər günün zərurətindən doğur və belə dəyişikliklərin qəbul edilməsi vacibdir. Hörmətli Nizami Cəfərovun təqdimatı da kifayət qədər məntiqli və yüksək səviyyəli oldu. Onun belə bir fikri ilə razıyam ki, bu gün artıq ictimai rəydə geniş müzakirə olunmağa başlayan, beynəlxalq aləmə yayımlanan televiziyanın, mən deyərdim, hətta radionun da yaradılması vacibdir. Bunun ətrafında ayrı-ayrı kütləvi informasiya vasitələrində söylənilən fikirlərin də əsası yoxdur.
Biz bu gün düşmənlə düşmənin dilində danışmalıyıq. İnformasiya müharibəsində hökmən üstün mövqeyə malik olmalıyıq. Belə bir mövqeyə nail olmaq üçün mühüm vasitələrdən biri də Azərbaycanın həqiqətlərini düşmənin dilində ona çatdırmaq, onu haqq yoluna dəvət etməkdir. Ona görə də bu ideyanı mən dəstəkləyirəm və birmənalı şəkildə qiymətləndirirəm.
İkinci, cənab Sədr, bir fikri dəfələrlə söyləmişəm, Milli Məclisin tribunasından da səsləndirmişəm. Bu gün də həmin fikirdəyəm ki, Azərbaycanda informasiya təhlükəsizliyi haqqında qanun hökmən qəbul olunmalıdır. Azərbaycanda informasiya təhlükəsizliyi haqqında qanun qəbul edilmədiyindən ayrı-ayrı qəzetlər ya biznes maraqlarına, ya material çatışmazlığına və yaxud da digər maraqlara görə, hörmətli həmkarımız Siyavuş Novruzovun da dediyi kimi, Azərbaycanın milli təhlükəsizliyi, ordusu ilə bağlı mətbuata çıxarıla bilməyən materiallar dərc edirlər. Azərbaycana dost və ya düşmən mövqeyində olan ölkələr həmin məlumatlardan istifadə edirlər. Onların analitikləri verilmiş məlumatlar əsasında öz strategiyalarını hazırlayırlar və bunlardan Azərbaycana qarşı çox məharətlə istifadə edirlər. Ona görə də informasiya təhlükəsizliyi haqqında qanun qəbul olunmalı və birmənalı olaraq burada kütləvi informasiya vasitələrinin qarşısında konkret məhdudiyyətlər qoyulmalıdır.
Mənim son dərəcə ciddi xarakter daşıyan digər təklifim bundan ibarətdir ki, Mətbuat Şurasının səlahiyyətləri artırılmalıdır. Nəzərə almalıyıq ki, kütləvi informasiya vasitələrini inzibati yolla boğmaq, mətbuata müxtəlif şəkildə təzyiq etmək olmaz. Bunlar demokratik prinsiplərə ziddir və sair. Təbii ki, mən də bunu qəbul edirəm. Bəs onda ayrı-ayrı insanların həyatına təcavüz edən, mənəvi yaralar vuran reket qəzetlərin, yazıların qarşısını necə almaq olar? Atalar misalı var: “Qılınc yarası gedər, söz yarası getməz”. Ayrı-ayrı qəzetlər ayrı-ayrı tanınmış insanlara təmənna məqsədi ilə müraciət edirlər, həmin təmənnalar ödənilməyəndə, həyata keçirilməyəndə müxtəlif xoşagəlməz yazılar bu qəzetlərin səhifələrinə çıxarılır.
Parlament seçkiləri ərəfəsində bir çox belə epizodların şahidi oluruq. Həftədə və ya ayda bir dəfə çıxan qəzetlər var. Bu cür qəzetlər müxtəlif adamların sifarişi ilə, yaxud öz mətbəxlərində hazırladıqları müxtəlif yazılarla gündəliyə çıxırlar və deputatlığa namizədlərin ünvanına müxtəlif təzyiqlər, təhqirlər söyləməyə başlayırlar. Onları pul verməyə, evlərinə daş, sement, qum göndərməyə məcbur edirlər. Bu cür hallar olub, bunlar həqiqətdir, Azərbaycanın həqiqətidir. Bizim bunlara təsir etmək imkanlarımız yoxdur. Onda gəlin, Mətbuat Şurasının səlahiyyətlərini artıraq. Ona elə bir səlahiyyət verək ki, bu cür qəzetlərə rəsmi şəkildə müraciət olunanda, belə xoşagəlməz faktlar təsdiq olunanda, Mətbuat Şurası həmin qəzetlərin nəşrini qadağan etsin. Bu müddəalar da qanunda öz əksini tapsın. Bu mənim təkliflərimdir.
Təqdim edilmiş qanun layihəsində, mənə elə gəlir ki, “kütləvi informasiya vasitələrinin istehsalının və yayımının dayandırılması və ya ona xitam verilməsi” anlayışları ayrı-ayrı verilməlidir. Müvəqqəti dayandırıla bilən və ya fəaliyyətinə xitam verilən kütləvi informasiya vasitələrini ayrı-ayrı göstərməliyik, çünki bəzi əməllərə görə müvəqqəti sanksiya tətbiq etmək olar, bəzi əməllərə görə isə fəaliyyətə xitam verilə bilər.
Mən düşünürəm ki, 19-cu maddənin 1-ci bəndində “əcnəbi və ya” sözlərindən sonra “humanitar elmlər üzrə ali təhsili olmayan şəxslər” sözləri yazılmalıdır. Ancaq mən çox istərdim ki, burada “jurnalist peşəsi olmayan” sözləri də əksini tapsın. Çox hörmətli millət vəkilləri bilirlər ki, jurnalistika fakültəsində “Jurnalist etikası” xüsusi fənn kimi tədris olunur. Mənim hər bir peşəyə hörmətim var, bəzən mühəndisin də gözəl yazı qabiliyyəti, qələmi ola bilər. Lakin jurnalist etikasından xəbəri olmayan şəxslər qəzeti dərc etdirir, redaktor kimi qəzetdə etikadan kənar yazıların dərcinə imkan verirlər. Bu necə tənzimlənməlidir?
Üçüncü, təklif edirəm ki, “kütləvi informasiya azadlığından və jurnalist hüququndan sui-istifadə etməyə görə inzibati” sözlərindən sonra “cinayət məsuliyyətinə cəlb edildikdən” sözləri əlavə olunsun. Elə jurnalistlər var ki, onlar inzibati məsuliyyətə yox, cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Hörmətli millət vəkili Siyavuş Novruzovun dediyi kimi, müxtəlif yollarla rüşvət alanda, müxtəlif cinayətlərə yol verəndə cinayət məsuliyyəti tətbiq olunur, həmin jurnalist 3-5 il cəza çəkir və gəlib yenidən jurnalist kimi fəaliyyət göstərir və qəzet çap etdirir. Buna nə cür qadağa qoyulmalıdır? Mənə elə gəlir ki, belə kütləvi informasiya vasitələrinin fəaliyyətinin iki ay müddətinə deyil, tamamilə dayandırılması barədə məhkəmə qarşısında iddia qaldırılmalıdır.
Bu yaxınlarda Mətbuat Şurası reket qəzetlərin böyük bir siyahısını dərc etmişdi. Düşünürəm, bu cür əməlləri davam etdirmələri haqqında yeni faktlar üzə çıxarsa, onların fəaliyyəti həmişəlik və birdəfəlik qapanmalı və onların fəaliyyətinə xitam verilməlidir. Bir sözlə, qanunla qadağa qoyulmalıdır. Bununla bağlı qanuna müddəalar əlavə edilməlidir. Bunlar nə üçün lazımdır? Ölkənin bütün sahələrində bu gün qanunlar hökm sürür. Ölkənin bütün sahələrində, demək olar ki, problemlər artıq həll olunmaq üzrədir. Azərbaycan, sözün həqiqi mənasında, demokratik bir ölkə kimi qanunların qarşıya qoyduğu müddəalarla, qanunların ali tələbləri ilə idarə olunmaqdadır. Lakin bu təsərrüfat, siyasi, idarəçilik sistemində yeganə olaraq hələlik bəzi mətbuat orqanları qıraqda qalıb. Ona görə söz və mətbuat azadlığına xələl gətirmədən reket qəzeti kimi fəaliyyət göstərən qəzetlərin, özünü toxunulmaz, xüsusi səlahiyyətlərə malik insan, jurnalist kimi təsdiq etməyə çalışan şəxslərin fəaliyyətinə qanunla qadağa qoyulmalıdır. Bir daha Siyavuş Novruzova istinad etməyə məcburam. Qəsidə, qəzəl yazan insanların özlərini siyasi məhbus, mətbuat işçisi kimi təqdim etmələri yolverilməzdir. Yəni onlar gedib qəsidələrini yazsınlar, kitablarını buraxsınlar, şairlik etsinlər. Belə insanların yenidən mətbuata gəlməsinə birmənalı şəkildə qadağalar qoyulmalıdır. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. İqbal Ağazadə.
İ. Ağazadə. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Çıxış edənlərə diqqətlə qulaq asdım. Bir qeydimi xüsusi vurğulamaq istəyirəm. Mənə elə gəlir, danışan həmkarlarımız Leninin zamanında çox yaxşı oxuyublar və elə bilirlər ki, qəzet təbliğat-təşviqat vasitəsidir. Qəzet təbliğat-təşviqat vasitəsi deyil, qəzet sahibkarlığın bir formasıdır. Sahibkarlığın bir forması olan sahəyə qadağa qoyula bilməz. Bu, sahibkarlıqdır. Biri neft satır, biri pul dəyişdirir, biri qəzet çıxarır, biri televiziya açır. Buna niyə informasiya satan tərəf kimi baxmırsınız? Dünyanın hər yerində mətbuat pul qazanmaq mənbəyidir, biznes sahəsidir, sahibkarlıq fəaliyyətidir.
Bu gün deyirsiniz ki, mətbu orqanının redaktoru ali təhsilli şəxs olmayanda onun fəaliyyəti dayandırıla bilər. Başa düşmürəm, niyə? Xoşun gəlmir, qəzetini alma, oxuma. Sənin haqqını tapdalayır, məhkəməyə müraciət edib məhkəmə ilə onun hüquqlarını məhdudlaşdır. Qanunla heç bir halda sahibkarlıqla məşğul olmaq istəyən insanın hüquqlarını məhdudlaşdırmaq olmaz.
Bu, mürtəce dəyişiklikdir, kökündən yanlışdır. Adam cəmiyyətə informasiya satır. Pis, yaxşı, kriminal informasiya satır, baş verən hadisələr haqqında informasiyanı qeyd edir. Bu sizi qane etməyəndə siz məhkəmə vasitəsilə onun fəaliyyətini dayandıra bilərsiniz. Sabah deyəcəksiniz ki, humanitar sahə üzrə ali təhsil alan bir şəxs texniki işlərlə məşğul olan bir şirkətin, sahibkarlıq fəaliyyətinin başında dayana bilməz. Bu nə deməkdir? Mən menecerəm, işi, o cümlədən qəzet işini təşkil edirəm. Heç yazmıram, baş redaktoram, pulla jurnalisti dəvət edirəm, mövzu verirəm.
Menecer kimi işi təşkil edirəm, bazara məhsul çıxarıram. Necə ola bilər ki, sən mənim hüququmu məhdudlaşdırasan? Deyirsən ki, sənin hökmən ali təhsilin olmalıdır və yaxud jurnalistlik etməməlisən. Bu, kökündən yanlış yanaşmadır. Çıxışımın əvvəlində qeyd etdim ki, Lenini çox yaxşı öyrəniblər, elə bilirlər ki, XX əsrin əvvəlidir, “İskra” çap edirlər və bu da təbliğat-təşviqat materialıdır. Bu gün qəzet də dünyanın mövcud dəyərlərinə görə bazara çıxarılan məhsuldur. Turqut Özal rəhmətliyin anası bir televiziya kanalı haqqında demişdi ki, kanalı dəyiş, baxma. Xoşun gəlmir, qəzeti alma, oxuma, səni heç kim məcbur etmir. Heç kimi məcbur etmirlər ki, pul verib qəzet alsın. Sən hansı sahədə informasiya almaq istəyirsənsə, qəzet alacaqsan. Sənin informasiya tələbatını nə ödəyir? Hesab edirəm ki, birinci növbədə ali təhsili olmayan şəxs hər hansı mətbu nəşrin redaktoru təyin edildikdə həmin mətbu nəşrin fəaliyyətinin iki ay müddətinə dayandırılmasını tələb etmək qanuna, Azərbaycan Konstitusiyasına, sahibkarlıq fəaliyyəti haqqında qanunvericiliyə ziddir. Özəl mülkiyyət və özəl sahibkarlıq haqqında qanunvericiliyə ziddir, kökündən yanlışdır. Azərbaycanın heç bir qanununda yazılmayıb ki, kütləvi informasiya vasitəsi təbliğat-təşviqat xarakterli olmalıdır. Bu, biznesdir, sahibkarlıqdır. Ona görə də kim isə bu fəaliyyətə Konstitusiyanı pozaraq hər hansı bir qadağa qoya bilməz.
Burada kifayət qədər geniş şəkildə jurnalistlərin hüquqları, onların yazdıqları ilə bağlı misallar səsləndirildi. Bu gün Azərbaycanda, beynəlxalq hesabatlara görə, üç jurnalist həbsdədir. Barmağınızı qatlayın ki, bu üç jurnalistdən biri konkret olaraq kimin isə şərəf və ləyaqətinin tapdalanması ilə bağlı həbs olunub. Onların heç birinin həbsi şərəf və ləyaqətin təhqir olunması ilə bağlı deyil. Biri küçədə dalaşdığı bir qadının üzünə durduğuna, biri narkotiklərə, üçüncüsü isə ya terrorçu təşkilatla əlaqəsinə, ya da yazıları ilə irqi, dini, milli-etnik separatizmi yaydığına görə həbs olunub.
Bu gün Azərbaycan jurnalistikasında təhqirlərə yol verilir. Mən bunu ürəklə deyirəm, Zahid Orucun sözünün müqabilində deyirəm ki, indiyə qədər barəmdə kifayət qədər mətbuatda müxtəlif yazılar gedib, amma barəmdə Azərbaycan mətbuatında gedən yazının birinə görə də məhkəməyə müraciət etməmişəm. Hamısının üstündən keçmişəm, çünki mən, həqiqətən, Azərbaycanda demokratik cəmiyyət quruculuğunu arzulayıram. Hesab edirəm, siyasi fəaliyyətlə məşğul olan, ictimaiyyətə, cəmiyyətə açıq olan insanlar bu məsələlərdə bir az dözümlülük nümayiş etdirməlidirlər.
Azərbaycan diplomatiya haqqında qanunu qəbul etmək, mətbuat azadlığına təminat vermək əvəzinə, söz və mətbuat azadlığını məhdudlaşdıran bu cür qanun layihələrini buraya çıxarmamalıdır. Mətbu orqanlarının arxasında duranların böyük əksəriyyəti məmurdurlar. Bir jurnalist var, onu jurnalist adına ləkə hesab edirəm. Barəsində 50 məhkəmə işi var, 50 dəfə həbsə düşüb çıxıb, yenə də axtarışdadır, amma hüquq mühafizə orqanları onu tapıb məhkəmə qarşısına çıxarmayıblar. Dörd dəfə həbs olunub, dörd dəfə də eyni qayda üzrə çıxıb və yenə də onu maliyyələşdirirlər, yenə də qəzet çıxır. Kim çıxarır, mən çıxarıram? Bu gün Azərbaycanda belə mətbuatın arxasında duran Azərbaycanın məmurlarıdır, başqa heç kim deyil. Buna görə də bu cür mətbuatın oxunmamasından və sairdən şikayətlənən həmkarlarımız diqqət etsinlər ki, Azərbaycanda oxunan mətbuatın əsas hissəsi Azərbaycan müxalifətinə yaxın və yaxud da onun mövqelərini ifadə edən mətbuatdır. 10 mindən yuxarı tirajla nəşr edilən qəzetdir, ona yaxın qəzetin də hamısı Azərbaycan müxalifətinin mövqeyini ifadə edir.
Bəli, Azərbaycanda sosial-iqtisadi vəziyyətin ucbatından qəzet alanların sayı azdır, çünki qəzetin biri çörəkdən də bahadır. Bəli, “Аргументы и факты” da, “New-York Times” da, “Washington Post” da yüksək tirajla çıxır. Amma Azərbaycan mətbuatı Azərbaycan əhalisinin sayı etibarı ilə nə qədər az olsa da, digər mətbu orqanların hamısından yüksəkdədir. Buna görə də, hesab edirəm, mətbuata münasibətdə bir az da ədalətli olmaq lazımdır. Heç bir qadağa Azərbaycanda söz və mətbuat azadlığını, şərəf və ləyaqətin qorunmasını təmin etməyəcək. Mən vəzifəsindən, mövqeyindən, partiyalılığından asılı olmayaraq, kimin isə şərəf və ləyaqətinin tapdalanmasının tərəfdarı deyiləm və ömrü boyu buna qarşı olmuşam. Amma bu o demək deyil ki, biz hər hansı bir qadağa tətbiq etməklə bunu aradan qaldıracağıq. Yox, qaldıra bilməyəcəyik. Bu məsələ təbii tənzimlənmə ilə və hakimiyyətin fərqli şəkildə yanaşması ilə həll olunacaq.
Mən adını çəkmək istəmədiyim qəzetlərin arxasında kimlərin durduğunu və kimlərin hansı adamları hansı formada təmsil etdiyini kifayət qədər gözəl bilirəm. Ona görə də hesab edirəm ki, bu məsələlərə biz qanunlarda bir qədər yumşaq yanaşmalıyıq, amma dediyiniz mənəvi meyarlarda fərqli yanaşmalar olmalıdır. Kimliyindən asılı olmayaraq, heç kimə haqq verilmir ki, şəxsin şərəf və ləyaqətini alçaltsın. Amma şərəf və ləyaqətin alçaldılmasına gətirən bəzi səbəblər də elə ondan əvvəl digər mətbu orqanlarda jurnalistlərin başqa qaydalarda yazmaları ilə bağlıdır. Mən hesab edirəm ki, bu qanuna edilən əlavə və dəyişikliklər Azərbaycanın kütləvi informasiya vasitələrinə, o cümlədən söz və mətbuat azadlığına yaxşı heç nə vəd etmir. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Mübariz Qurbanlı.
M. Qurbanlı. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli deputatlar, bəzi çıxışları, xüsusilə bu Qanuna əlavə və dəyişiklikləri tənqid edən şəxslərin çıxışlarını dinlədikdə adama elə gəlir ki, biz təkrarən “Kütləvi informasiya vasitələri haqqında” Qanunu müzakirə etmək istəyirik. Biz bu Qanunu müzakirə etmişik, qəbul etmişik. Avropa Şurası tərəfindən də, ATƏT tərəfindən də Azərbaycanda mövcud olan “Kütləvi informasiya vasitələri haqqında” Qanun mütərəqqi qanunlardan biri kimi təsbit olunub.
Qeyd edim ki, Azərbaycan kütləvi informasiya vasitələrinin təsis olunması və kütləvi informasiya vasitələrinə yanaşma baxımından ən tolerant ölkələrdəndir və liberal qanunlardan biri bizdədir. Yəni bizdə hər kəs istədiyi vaxt kütləvi informasiya vasitəsi təsis edə bilər. Mətbuat üzərində hansısa hərbi senzura və ya digər senzura yoxdur. Biz Ermənistanla müharibə vəziyyətindəyik və həmin müharibə vəziyyəti bizə müxtəlif formalarda senzuralar tətbiq etmək imkanı verir. Bütün bunların fonunda yenidən “Kütləvi informasiya vasitələri haqqında” Qanuna hansı dəyişikliklər edilməsi təklifi ortadadır. Burada 3 müddəa irəli sürülüb və komissiya sədri hörmətli Nizami Cəfərov həmin müddəaları geniş şəkildə izah etdi. Mən bu məsələyə qayıtmaq istəmirəm. Sadəcə, başa düşmürəm ki, bunun əleyhinə niyə gedirlər. Biz kütləvi informasiya vasitələrinin qeydiyyatı ilə bağlı heç bir məhdudiyyət qoymamışıq. Burada bir məhdudiyyət əlavə edirik ki, əcnəbi ola bilməz. Məncə, buna heç kim etiraz etməməlidir. Hər bir azərbaycanlı başa düşür ki, əcnəbinin Azərbaycanda qəzetə rəhbərlik etməsi milli dövlətçilik və milli təhlükəsizlik baxımından doğru deyil. Digər tərəfdən, təhsillə bağlı burada məhdudiyyət ortadadır, bunun da məntiqi aydındır. Çünki Azərbaycanda Qanundan sui-istifadə edərək istənilən şəxsin kütləvi informasiya vasitəsi təsis etmək imkanı olduğuna görə hər cür təsadüfi adam kütləvi informasiya vasitəsi təsis edərək onu özünün alətinə, vasitəsinə çevirə bilər. Azərbaycanda kütləvi informasiya vasitələrinin təsnifatı aparılsa, bir-bir yoxlanılsa, görərik ki, elə kütləvi informasiya vasitələri var ki, onların biri övladına, biri atasına, biri anasına məxsusdur. Onların adına qeydiyyatdan keçirilib. Amma onların nəşr dövriliyinə baxsan, görərsən ki, ayda bir dəfə, ya üç ayda bir dəfə çıxır. Bunlar nəticə etibarı ilə kütləvi informasiya vasitələrindən mənəvi terror kimi, reketçilik kimi istifadə halları yaradır. Qanuna dəyişiklik təklif edənlər də həmin məntiqdən çıxış edirlər ki, heç olmasa, təsisçi ali təhsilli şəxs olsun. Yəni onun ali təhsilli olması məsuliyyət hissini artırsın. Heç olmasa, məsuliyyət hissi bir az yüksək olan şəxsin redaktor olması məsələsi ortada olsun.
Kütləvi informasiya vasitələrinin Azərbaycanda azad şəkildə fəaliyyətinə onlarca misal göstərmək olar. İstənilən strukturların, o cümlədən Milli Məclisin, Milli Məclisin deputatlarının, hökumətin yerli-yersiz tənqid edilməsinə onlarca misal gətirmək olar. Bu tənqidlərin içərisində hətta təhqirə keçən, ayrı-ayrı insanların işgüzar fəaliyyətini, siyasi fəaliyyətini alçaldan, Milli Məclisin fəaliyyətini aşağılayan yazılar verildiyinin dəfələrlə şahidi olmuşam. Sadəcə, bunların qarşısını almaq üçün, əlbəttə, adekvat yollar olmalıdır. Bu yol məhkəmə ola bilərdi. Bizdə kütləvi informasiya vasitələrini məhkəməyə vermək praktikasından, ümumiyyətlə, çox istifadə olunmur və mən bunu doğru hesab edirəm.
Kütləvi informasiya vasitələri və onların azadlığı bu gün dünyada prioritetdir. Bu azadlığı daha da genişləndirmək lazımdır. Bunu genişləndirdikcə kütləvi informasiya vasitələrindəki bazar münasibətlərinə uyğun intellektual rəqabət nəticə etibarilə bazarda özünə yer tutmaq və oxucuları öz əlində saxlamaq istəyən normal qəzetlərin meydana çıxmasına gətirəcəkdir. Biz bunu görməkdəyik. Biz müstəqilliyimizin 17-ci ilindəyik. İndi gəlin baxaq, müstəqilliyimizin ilk dövrlərində, 10 il, 15 il bundan əvvəl kütləvi informasiya vasitələrində dərc olunan məlumatlara, materiallara, yazılara biz necə reaksiya verirdik? Çox böyük reaksiyalar var idi. İnsanlar yalanlara görə qəzəblənir, hətta bununla bağlı qeyri-qanuni hərəkətlərə yol verir və mütəmadi məhkəmələrə müraciət etmə hallarını müşahidə edirdik. Amma indi insanlar başa düşürlər ki, kütləvi informasiya vasitələrində, qəzetlərdə yazılan yazıların heç də hamısı həqiqət deyil. Başdan-ayağa yalanla dolu qəzetlər də var və həmin qəzetlərə inam olmadığına görə onların da alıcılarının sayı azalıbdır. Ona görə də kütləvi informasiya vasitələrinin alıcılıq qabiliyyətinin nə qədər aşağı düşdüyünü görərsiniz.
Qəzetlərin oxucularının azlığı nə hakimiyyət qəzeti olması ilə, nə də müxalifət qəzeti olması ilə bağıdır. Sadəcə, insanların informasiya almaq imkanları böyükdür. Bu gün vətəndaş internet vasitəsilə, televiziya, radio vasitəsilə hər bir informasiyanı ala bildiyinə görə onun qəzetləri almasına böyük ehtiyac duyulmur. Ümumiyyətlə, bu yaxınlarda bir məlumat oxudum. 2030-cu illərdə dünyada 10 əşya sıradan çıxacaq. Bunlardan biri qələm olacaq, biri zəngli saat olacaq, biri də qəzet olacaq. Hamısını sadalamıram. Yəni bu gün bizim gördüyümüz kimi, dünyada 2030-cu ilə qədər həmin qəzetlər olmayacaq. Qəzetin əvəzinə qəzetlərin elektron variantları olacaq və hər kəs də onu oxuyacaq. Ona görə də jurnalistlərin özünün qəzeti saxlamaq və qəzeti oxucunun diqqətində saxlamaq üçün çalışması lazımdır. Ona görə də onlara çox böyük imkan vermək lazımdır.
Deyirlər, diplomatiya haqqında qanun və sair. Əvvəla, Avropa Şurasına üzv olan bir-iki ölkədə diplomatiya ilə bağlı qanun var. Azərbaycan da Avropa Şurasının üzvüdür. Bəli, zamanı çatanda bizdə də diplomatiya haqqında qanun qəbul ediləcəkdir. Amma biz bu gün öz ölkəmizi mətbuat üzrə eksperiment mərkəzinə çevirməməliyik. Hesab edirəm ki, əgər dünyanın əsas aparıcı ölkələri, bizdən qabaq demokratiya yolu seçmiş olan ölkələr diplomatiya ilə bağlı qanun qəbul etsələr, biz də qəbul edərik.
Bir məsələni də yadda saxlamaq lazımdır. İstər siyasətçi olsun, istərsə də vətəndaş olsun, əgər kütləvi informasiya vasitələrində gedən yazıya reaksiya verirsinizsə, bilin ki, siz onların qurduğu həmin sistemə uyğunlaşırsınız, yəni onların çaldığı ilə oynayırsınız. Qoy nə yazırlarsa, yazsınlar. Nə istəyirlərsə, yazsınlar. Qoy yazsınlar, axırda susacaqlar. Bir dəfə yazacaq, iki dəfə yazacaq, üç dəfə yazacaq. Təhqir yazırsa, həmin təhqirə görə, bəli, məhkəməyə müraciət etmək olar. Amma bir dəfə də təhqir yazıb, özü-özünü təhqir edəcək. Bu, bumeranqdır. Onun özünə qayıdacaq.
Mən qəzetlərin adını çəkmək istəmirəm. Mütəmadi izlədiyim qəzetlər var. Bir həftə bir məsələdən yazır, bir dövlət qurumundan, bir nazirlikdən yazır. Görürsən ki, axırda özü yazmaqdan yorulur. Yalandan yazır ki, məsələn, filan nazir həbs olunub. Sabah camaat görür ki, həmin nazir televizorda çıxış edir. Bu, artıq kütləvi informasiya vasitəsi deyil. Məsələn, Fransada 300-ə qədər bulvar qəzeti çıxır. Onun oxucuları yalnız müəyyən adamlardır. Siyasi elita, o cümlədən cəmiyyətin üst qatında olan adamlar onları nə qəzet sayır, nə də mətbuat hesab edir. Böyük Britaniyada da belədir. Türkiyənin özündə nə qədər bulvar qəzeti var. Ciddi qəzetlər yazanda, bəli, ona müvafiq şəkildə reaksiya verilir.
Ona görə də mən hesab edirəm, biz bu dəyişikliklərə səs verməliyik. Bu dəyişikliklər, əslində, kütləvi informasiya vasitələrinə basqı deyil. Onlara hansısa qadağa qoymur. Sadəcə, burada müəyyən bir sistem yaradır. Bu sistemin yaradılması isə həmin mətbuatın özünə xeyirdir. Burada bəzi deputatlar çıxış edəndə, ola bilsin, kimlərsə bunun əleyhinə çıxsın, bunu söz, mətbuat azadlığına basqı kimi dəyərləndirmək istəsin. Onda xahiş edirəm, “Kütləvi informasiya vasitələri haqqında” bizim Qanunla digər ölkələrin qanununu müqayisəli şəkildə oxusunlar. Görsünlər, Azərbaycandakı Qanun nə dərəcə mütərəqqidir və nə qədər imkanlar yaradır. Başqa ölkələrdə necədir? Hesab edirəm ki, əslində, bu dəyişikliklər kütləvi informasiya vasitələrinin özünə xeyirdir və biz də buna səs verməklə bir daha kütləvi informasiya vasitələrinin fəaliyyətinə yardım göstərmiş oluruq. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Mübariz müəllim. Fuad Muradov.
F. Muradov. Çox sağ olun, cənab Sədr. Hörmətli millət vəkilləri, ilk əvvəl ondan başlayım ki, həqiqətən də, çox vacib bir məsələni bu gün müzakirə edirik. Oqtay müəllim, dəfələrlə burada səslənib ki, “Kütləvi informasiya vasitələri haqqında” Qanuna biz yenidən baxmalıyıq. Ona görə də artıq qloballaşan dünyada yeni texnologiyaların istifadəsi, ümumiyyətlə, insanların şüurlarının dəyişməsi ona gətirib çıxarıb ki, bəzən biz insan azadlıqlarını və hüquqlarını başqa cür başa düşürük. Bəzən biz özümüzü başqa ölkələrlə müqayisə edəndə bir şeyi nəzarətdən çıxarırıq.
Birincisi, kütləvi informasiya vasitələrinin inkişafı ulu öndərin 1998-ci ildə müvafiq qərarından sonra inkişafa başlayıb. Təbii ki, bu şəraitdə inkişaf edən kütləvi informasiya vasitələri müəyyən dövrdə müəyyən məsələlərə məruz qalıblar. Bu baxımdan siyasi partiyalar da onlardan yaxşı istifadə ediblər və bu gün də istifadə etməkdə davam edirlər. Ona görə də biz “Kütləvi informasiya haqqında” Qanuna baxanda bir məsələyə xüsusi yanaşmalıyıq. Birincisi, nəzərə almaq lazımdır ki, bu gün məlumat, informasiya bazar predmetidir. Amma sahibkarlığın, bazar iqtisadiyyatının inkişafı heç də demək deyil ki, bu məsələlər qanunun xaricində olmalıdır. Əgər biz bu gün hər iki istiqamətdə inkişaf ediriksə, deməli, istənilən istiqamətdə verilən məlumatlarımız, informasiyalarımız qanun çərçivəsində olmalıdır.
Bir nəzəriyyəni də diqqətinizə çatdırım ki, azad olmaq üçün qanuna tabe olmaq lazımdır. Bu o demək deyil ki, sən azadsan, nə istəyirsənsə, edə bilərsən və bu, azadlığın rəmzidir. Xeyr. Azadlığın rəmzi məhz qanuna tabeçilikdir. Əgər kimsə deyirsə ki, bu gün sahibkar istədiyini edir, bu tam yanlış yanaşmadır. Birincisi, sahibkar fəaliyyətə başlayanda müvafiq qanunlara əsaslanır. Kütləvi informasiya vasitələri də işə başlayanda məhz bu Qanuna istinad etməlidirlər. Təbii ki, bu məsələ müxtəlif siyasi polemikaya çevrildi. Amma hüquqi yanaşma da var. Bu gün nə baş verir? Müəyyən mətbuat orqanları var ki, artıq onlar özlərinə çox asan üsul tapıblar. 3–4 nəfər informasiya ilə bağlı bir veb səhifə yaradır. Sabah həmin qəzet internetə istinad edir və həmin informasiyanın mənbəyi isə bilinmir. Ona görə də biz öncə ona işarə vurmalıyıq ki, mənbəni açıb göstərmək lazımdır. Burada “New-York Times”, “Washigton Post” və digərlərinin adı çəkildi. Onların hamısında mənbə göstərilir. Hətta oradan şəkil istifadə edəndə də mənbə yazılır. Müəllif hüquqları qorunmalıdır. İstənilən qəzet istənilən şəkli vurur, istənilən məsələni qabardır və təsəvvür edir ki, bu məsələ doğrudur. Çünki baş redaktor bunu məsləhət görüb. Bəzən həmin peşəkar jurnalistlər baş redaktorun əlində qalırlar. Təkzib tələb edəndə baş redaktor deyir ki, bunu jurnalist yazır. Beləcə, həmin jurnalistləri zərbə altında qoyurlar.
İkinci bir məsələ də burada geniş müzakirə olundu. Təbii ki, Mətbuat Şurasının yaranması bu istiqamətdə bir qədər səliqə-sahman yaratdı. Eyni zamanda, Milli Televiziya və Radio Şurası yaranandan sonra, həqiqətən, bir çox məsələlər aradan qalxdı. Amma bu təkcə Mətbuat Şurasının işi deyil. Təbii ki, biz millət vəkili olaraq Qanuna bir də baxmalı və müəyyən məsələləri həyata keçirməliyik. Burada Mətbuat Şurasına daha bir səlahiyyətin verilməsi, jurnalistlərin sosial durumu ilə bağlı məsələlər vurğulandı. Çox düzgün qeyd olundu ki, artıq bu gün maliyyə məsələləri jurnalistlərin peşəkarlığına böyük təsir göstərir. Yəni bu məsələlər çox vaxt onların peşəkarlığını ikinci plana çəkir. Halbuki Azərbaycanda peşəkar jurnalistlər var. Mən deyərdim ki, Azərbaycanda, həqiqətən də, peşəkar jurnalistika müəyyən qədər inkişaf edib. Təbii ki, bu baxımdan biz elə edə bilərik ki, həqiqətən, müstəqil, düzgün yazan, istedadlı insanlar dövlət tərəfindən himayə olunsunlar. Düzdür, mütəmadi olaraq həm ölkə başçısı, həm də Mətbuat Şurası müəyyən jurnalistləri irəli çəkir, onlara müəyyən qədər dəstək verir. Amma bu gün redaksiyaların vəziyyəti yaxşı deyil. Oqtay müəllim, biz çalışmalıyıq ki, onlar üçün də müəyyən şərait yaradılsın. Çünki dövlət tərəfindən bunların şəraiti yaxşılaşdırılsa, mənə elə gəlir ki, peşəkarlıq da artacaq.
Təbii ki, daim həmin siyasi qüvvələrin təsiri altında fəaliyyət göstərən qəzetlər, mətbu orqanlar olacaq. Bu gün biz etiraf etməliyik ki, böhtanın qarşısını ala bilmirik. Konkret olaraq Avropa Şurasının, Avropa Məhkəməsinin çıxardığı qərarlar var ki, kütləvi informasiya vasitələri nə zaman məsuliyyətə cəlb oluna bilərlər. Ona görə burada deyilən digər məsələlərlə bağlı mən fikrimi bildirmək istəmirəm. Çünki biz Milli Məclisdə məhz qanunu müzakirə edirik. Biz bu qanunun maddələrinin necə həyata keçirilməsini fikirləşməliyik. Biz düşünməliyik ki, müvafiq qanunlar necə həyata keçirilir? Onların icrasında hansı problemlər yaranır? Ona görə də bunları dövlətin mətbuatla problemi kimi qələmə vermək siyasi demaqoqluqdur və tam yanlış yanaşmadır. Bu gün dövlət çalışır ki, şərait yaratsın və jurnalistika inkişaf etsin. Bu gün bizdə fəaliyyət göstərən jurnalistlər praktiki olaraq bütün mövzuları əhatə edə bilirlər. Həm siyasətdən yazırlar, həm də iqtisadiyyatdan yazırlar və heç bir məhdudiyyət yoxdur.
Biz bu Qanuna baxmalıyıq. Dəyişikliklərə keçirəm. Öncə bu dəyişiklikləri dəstəkləyirəm. Həqiqətən də, peşəkar insanlar öz işləri ilə məşğul olmalıdırlar. Bu artıq peşəkarlığın səviyyəsidir ki, cəmiyyətdə hərə öz işi ilə məşğul olur. Biz bunu Qanunda qeyd etmişik. Bu dəyişikliklərlə bağlı mənim bir neçə fikrim var. Birincisi, burada qeyd edirik ki, “əcnəbi və ya ali təhsili olmayan şəxs...” Əcnəbilik insanın vətəndaşlıq məsələsidir. Ali təhsil isə insanın şəxsi keyfiyyətidir. Yəni mən tam razıyam ki, biz əcnəbi və vətəndaşlığı olmayan insanları burada qeyd edirik.
Aqil müəllim də bu gün müəyyən dini cərəyanlarla bağlı məsələni qaldırdı. Ümumiyyətlə, digər ölkələrin Azərbaycanda nümayəndəliyi açılır və onlar istənilən şəkildə bu mətbu orqanların nüsxələrini pulsuz paylayırlar. Maliyyə imkanları var və bir neçə min nüsxə ilə qəzet çıxarırlar. Ona görə də vətəndaşlıq məsələsinə biz aydınlıq gətirməliyik. Burada biz praktiki olaraq Azərbaycan vətəndaşını əcnəbi ilə bir sıraya qoyuruq. Qanunun yazılması ilə bağlı məsələyə baxa bilərik.
Bir vacib məsələyə də toxunmaq istəyirəm. Burada qeyd olunur ki, ali təhsili olmayan şəxs mətbu nəşrin redaktoru ola bilməz. Yəni mətbəədən çıxan nəşrdən söhbət gedir. Mənə elə gəlir ki, eyni məsələ elektron informasiya vasitələrinə də şamil olunmalıdır. İndi bunun təkcə redaktorlara şamil olunması nə qədər düzdür? Çünki orada baş redaktor da var. Ümumiyyətlə, redaktorlara şamil olunursa, bunu qəbul edə bilərəm. Bu məsələdə xüsusi yanaşma olmalıdır. Xüsusi yanaşma nədir? Burada qeyd olundu ki, bütün ölkələrdə jurnalistlərin peşəkar şəbəkələri mövcuddur. Yəni Azərbaycanda da müəyyən şəbəkələr mövcuddur. Bəzən həmin şəbəkələr o insana informasiya ötürmür, informasiya vermir. Sadəcə, istədiyi məsələni özü düşündüyü kimi cəmiyyətə sırıyır və bu da cəmiyyətdə suallar doğurur.
Biz indi referendumla məşğul oluruq və görürük ki, həqiqətən də, bəzi qəzetlərin apardığı işlər məhz təbliğata yönəldilib. Bəli, qəzetlər bu gün təbliğatla məşğul ola bilərlər, amma bu təbliğat məhz ictimaiyyətin maarifləndirilməsinə gətirib çıxarmalıdır.
Bu baxımdan mən sözümü bitirirəm və çox istərdim ki, biz həm Mətbuat Şurası ilə, həm Milli Televiziya və Radio Şurası ilə bağlı məsələlərə, həm də “Kütləvi informasiya vasitələri haqqında” Qanuna bir daha baxaq. Böhtanla bağlı məsələlər bütün cəmiyyətlərdə mövcuddur. İndi biz çalışırıq ki, məhkəmə yolu ilə məsələləri həll edək. Amma buna baxmayaraq, biz özümüzü də qorumalıyıq. Bu baxımdan həmin istiqamətdə görülən işlər dövlət tərəfindən çox yüksək səviyyədə aparılır. Biz istənilən opponentlə “Kütləvi informasiya vasitələri haqqında” Qanuna dəyişiklik və əlavələr haqqında danışa bilərik. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Baba müəllim, əliniz dəydi, silindi? Pənah Hüseynə söz verim, sonra. Buyurun, Pənah Hüseyn.
P. Hüseyn. Təşəkkür edirəm, möhtərəm Sədr. Mən çox istərdim ki, bəzilərinə bəlkə də texniki xarakterli dəyişikliklər və əlavələr kimi görünə bilən bu məsələnin müzakirəsi birinci hissədə olaydı və bunun stenoqramı dərc ediləydi. Ona görə ki, mən göndərilən əlavələrin və dəyişikliklərin əleyhinəyəm. Amma çıxışlara qulaq asdım və gördüm ki, bu əlavə və dəyişikliyi tərtib edənlər bizim bir çox deputatlardan qat-qat azad və tolerant insanlardır.
Bir anlığa məndə belə bir təsəvvür yarandı ki, görəsən, bu məsələlərlə bağlı qərar qəbul etmək səlahiyyəti buradakı insanların əlində olsaydı, ümumiyyətlə, Azərbaycanda qəzet, kütləvi informasiya vasitəsi çıxardı, ya çıxmazdı? İndi Azərbaycanda müxalifət adına bir neçə qəzet çıxır. “Yeni Müsavat” qəzetidir, təxminən 11–12 min sayı var, 4–5 min tirajla “Azadlıq” qəzetidir. Başqa qəzetlər müxalifət qəzeti deyil, heç buna iddia da etmirlər. Ümumiyyətlə, indi müxalifət qəzeti adına iddia etmək dəbdə olan məsələ deyil. Açığı, bir az da xatalı məsələyə çevrilib. Buradakı qəzəb, etiraz məhz həmin qəzetlərə aiddir. Çünki son il yarımda mən digər müstəqil qəzetlərə, yaxud iqtidar yönümlü sayılan qəzetlərə abunəyəm. Rəsmi qəzeti mən kənara qoyuram. Təbii ki, onlar jurnalistikanın etik tələblərinə cavab verən səviyyədə və məzmunda çıxırlar. Ona görə də burada belə məsələlər meydana çıxdı ki, guya Azərbaycan cəmiyyəti az qala dağılır. Məntiqə uyğun deyil. Ayda bir dəfə çıxan, rüblükdə bir dəfə çıxan qəzet Azərbaycan cəmiyyətinin əxlaqı üçün, ictimai rəyi üçün hansı təhlükəni yarada bilər? Ona görə də mən belə güman edirəm ki, həmin qəzəb, əslində, 3–4 qəzetin üzərinə yönəlib. İldə bir dəfə çıxan müxtəlif qəzetlər adı altında, əslində, bu məhdudiyyətlər 3–4 informasiya vasitəsini boğmağa yönəlib.
Səhv etmirəmsə, Fəzail Ağamalı gözəl bir fikir işlətdi ki, demokratik yolla bunu boğmaq mümkün deyilsə, məhkəmə yolu ilə mümkün deyilsə, başqa yollar axtarıb tapmaq lazımdır. Stenoqrama baxa bilərsiniz, buna başqa yolların biri kimi baxırlar. Müəlliflərin buna necə yanaşdığını deyə bilmərəm. Səmimi bir ifadə idi. Azərbaycanda azadlığı boğmaq, birtəhər işığı qapamaq, qapını örtmək, kəndiri çəkmək xətti var.
Deyəsən, Mübariz müəllim getdi. Mən onun bir çox fikri ilə razıyam ki, “Kütləvi informasiya vasitələri haqqında” Qanun Azərbaycana üzağlığı gətirən, ən mütərəqqi, ən müasir standartlara uyğun olan qanunlardan biridir. Bu bizim ölkə daxilində də qəbul olunur. Habelə müxalifət jurnalistikası tərəfindən də, beynəlxalq təşkilatlar tərəfindən də qəbul olunur ki, bəli, Azərbaycanda “Kütləvi informasiya vasitələri haqqında” Qanun müasir, demokratik standartlara cavab verən bir neçə ən mütərəqqi qanundan biridir.
Mənim dostum olan baş redaktorlardan biri dedi ki, bu Qanun mərhum Heydər Əliyev jurnalistlərin dostu olanda məhz onun sayəsində qəbul edildi. Düzdür, burada beynəlxalq təşkilatların müəyyən tövsiyələri də var idi. Onlar da nəzərə alındı. İndi bir çox qanunlara, o cümlədən mülkiyyət haqqında, sahibkarlıq haqqında olan qanunlara, Mülki Məcəlləyə, İnzibati Məcəlləyə, Cinayət Məcəlləsinə olduğu kimi, buraya da mürtəce dəyişikliklər gətirmək istəyən qüvvələr var, fikirlər var. Bu istiqamətdə düşünən və ümumiyyətlə, bunu qəbul edə bilməyən insanlar var.
Belə çıxır ki, bu sənəd Prezidentin İcra Aparatından gəlib. Səhv etmirəmsə, Zahid Orucov səsləndirdi ki, bu, Nizami müəllimin fikirləridir və burada bəzi dəyişikliklər oluna bilər. Bu, Prezident İlham Əliyevin imzası ilə gəlib və bura hansısa bir dəyişiklik edilməsi yalnız qanunvericilik təşəbbüsü hüququndan istifadə edən şəxslə razılaşdırıldıqdan sonra mümkündür. Bəzi redaktə, bəzi terminoloji və üslub qüsurları varsa, bunun üçün məsuliyyəti bu qanunu tərtib edən Prezidentin İcra Aparatındakı müəlliflər daşıyırlar, hörmətli Nizami Cəfərov yox.
Birdəfəlik Milli Məclisdə “Kütləvi informasiya vasitələri haqqında” Qanuna yenidən baxılmasına edilən çağırışların, prinsipcə, əleyhinəyəm. Bir daha təkrar edirəm və hesab edirəm ki, belə bir çağırış etmək, təklif vermək hər bir deputatın hüququdur. Amma çox istərdim, onlar bu məsələnin üzərində düşünsünlər ki, bu necə qəbul oluna bilər və nəyə gətirib çıxara bilər? Burada dəfələrlə səsləndi ki, məhkəməyə vermək, inzibati məsuliyyətə cəlb etmək, inzibati cəza tətbiq etmək hüququ var. Niyə bundan istifadə olunmasın?
İndi məlum olur ki, Mətbuat Şurasına səlahiyyət vermək istəyirlər. Yenə Fəzail müəllimə istinad etməli olacağam. O da Siyavuş Novruzova istinad etdi və dedi ki, Mətbuat Şurasına kütləvi informasiya vasitəsini məhkəməsiz, müzakirəsiz, vəkilsiz, müdafiəsiz bağlamaq hüququ verilsin. Bir daha üzr istəyirəm, qanuna hörməti olan adam, azadlığa hörməti olan adam, kütləvi informasiya vasitəsinə, söz azadlığına hörməti olan insan bu cür fikri, ümumiyyətlə, düşüncəsinə, təsəvvürünə gətirə bilməz.
Konkret olaraq qanun layihəsinin üzərinə qayıdıram. Sözün doğrusu, mənim çıxışım da əsas etibarı ilə bu əlavə və dəyişikliyin üzərində qurulmalı idi. Mən burada hörmətli Əli müəllimi görmürəm. Hörmətli Sədr, hesab edirəm ki, bu tipli qanunları həm də bu işlə məşğul olan Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasına göndərmək lazımdır. Çünki bir sıra qanunlar var ki, açığı, yalnız Mədəniyyət məsələləri və İnsan hüquqları daimi komissiyaları ilə məhdudlaşa bilməz. Məsələn, buradakı 3-cü düzəlişi götürək. Daha doğrusu, birinci hissə kimi deyilən düzəlişi. Amma hörmətli Gövhər xanım burada diqqəti cəlb etdi ki, Prezidentin imzası ilə gələn məsələdə deyilir, ikinci hissə əlavə olunsun, arayışda isə birinci hissə yazıblar. Yəqin ki, bu məsələlərə düzəliş veriləcək.
Diqqətinizə çatdırıram: “kütləvi informasiya azadlığından və jurnalist hüququndan sui-istifadə etməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra”. Burada “inzibati məsuliyyət” anlayışı var. Biz yeni İnzibati Məcəllə qəbul etdik. İnzibati-Prosessual Məcəllə olduqdan sonra bu, işə düşəcək. Hətta inzibati məhkəmələrin olması məsələsi gündəmə gəlməkdədir. Nəyə görə mən buna diqqəti cəlb edirəm? 19-cu maddənin indi qüvvədə olan mövcud mətninin birinci hissəsində deyilir ki, məhkəmənin qərarı ilə xitam verilir. Həmin maddənin 4-cü hissəsinə diqqət edin: “kütləvi informasiya vasitəsi məhkəmənin qərarı ilə qərəzli yazılara görə il ərzində üç dəfə məsuliyyətə cəlb edildikdə”. Əvvəl məhkəmənin qərarı ilə inzibati məsuliyyətdən söhbət gedirdi. Ona görə də buna izahat verilməlidir. Birincisi, bu dəyişiklikdə inzibati məsuliyyətə məhkəmənin qərarı ilə cəlb edilməsi nəzərdə tutulur, yoxsa hansısa bir orqan inzibati məsuliyyətə cəlb etmək haqqında qərar verə bilər və sair. Bu məsələyə aydınlıq gətirilməlidir.
Nəhayət, bu məsələni də kütləvi informasiya vasitələrinin nümayəndələri diqqətə çatdırmışdı. Hörmətli Aqil müəllim də bu məsələyə diqqəti cəlb etdi. Mən bir daha bu məsələnin üzərinə qayıdıram. Çünki burada, həqiqətən, dolaşıq və üslub səhvi kimi görünən bir məsələ var ki, sonradan konkret nəticələrə səbəb ola bilər. Yazılır: “kütləvi informasiya azadlığından və jurnalist hüququndan sui-istifadə etməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra həmin əməli il ərzində təkrar törətdikdə”. Söhbət kimdən gedir? Mətbuat nəşrindən, yəni konkret halda kütləvi informasiya vasitəsindən, yoxsa oradakı hansısa bir işçidən, jurnalistdən gedir? Mən bir daha bir məsələyə də diqqəti cəlb edirəm. Müvafiq komissiyanın sədrindən, səlahiyyətli şəxsdən xahiş edək ki, qanunvericilik təşəbbüsçüsü ilə, yaxud onun nümayəndəsi ilə əlaqə saxlasın.
Burada redaktor məsələsinə də aydınlıq gətirilməlidir. Məsələn, “Yeni Müsavat” qəzetində 6 redaktor, bir baş redaktor var. Kütləvi informasiya vasitəsində də baş redaktor ayrıca səlahiyyət verən, sərəncam verən şəxs kimi, məsuliyyət daşıyan şəxs kimi, yaxud onu əvəz edən şəxs kimi dəyərləndirilir. Müvafiq komissiya qanunvericilik təşəbbüsçüsü ilə əlaqə saxlasın və burada baş redaktor qeyd olunsun. Hörmətli Fuad müəllim də bu məsələyə diqqəti cəlb etdi. Tamamilə haqlı irad idi. Məsələyə aydınlıq gətirilməlidir.
Sonda, hörmətli deputatlar, burada iqtidardan olanlar kimi, müxalifətdən olanlar da söz azadlığından və kütləvi informasiya vasitəsinin azadlığından sui-istifadə nəticəsində iftiraya, böhtana, təhqirə məruz qalırlar. Həmin müxalifət nümayəndələrindən biri də mənəm. Ən çox bundan əziyyət çəkənlərdən biriyəm. Bilirəm ki, əlbəttə, insanların ailəsi haqqında, uşaqları haqqında, həyat yoldaşı haqqında, ata-anası haqqında böhtan və qərəzli yazılar yazmaq ən böyük şərəfsizlikdir, namussuzluqdur. Bununla yanaşı, məndən əvvəl səslənən belə bir fikrə qoşuluram ki, əgər biz ictimai fəaliyyətlə, siyasətlə məşğuluqsa, bu yükü üzərimizə götürmüşüksə, bu məsələdə də dözümlü olmağı öyrənməliyik. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Mən iki məsələni başa düşmədim, Pənah bəy. Birincisi, dediniz, heyf ki, bu məsələ günün birinci yarısında yox, ikinci yarısında müzakirə olundu. Fərqi nədir, günün birinci, ya ikinci yarısı? Bunu başa düşmədim. İkincisi və ən maraqlısı odur ki, müxalifət ola-ola müxalif fikirlərə dözə bilmirsiniz. Öz fikrimi demək istəyirəm. Mən Sizin fikrinizlə razıyam ki, Mübariz müəllim düzgün dedi, bəli, mətbuatda həm güclü, həm də zəif jurnalistlərimiz var, mətbuatın yaxşısı da var, pisi də var. Biz dözümlülük göstərməliyik və dözümlülük göstəririk.
Burada, bizim həmkarlarımız rusca “желтая пресса” deyilən sarı mətbuatdan söz açdılar. Biz elə etməliyik ki, sarı mətbuat aradan çıxsın. Sarı mətbuat nə müxalifətə, nə də iqtidara şərəf gətirir. Söhbət bundan gedir.
Baba müəllim sual verdi, onun adı yazılmışdı, əli dəydi, pozuldu. Baba Tağıyev, buyurun.
B. Tağıyev. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Əvvəla, fürsətdən istifadə edib bütün xanım həmkarlarımızı, eləcə də bütün xanımlarımızı qarşıdan gələn bayram münasibəti ilə təbrik edirəm, onlara can sağlığı arzu edirəm.
“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununa edilən əlavə və dəyişiklikləri qəbul etmək olar. Mən də 19-cu maddəyə əlavələr edilməsi fikri ilə razıyam. Məsələn, əcnəbi şəxslərin mətbuat nəşrinin rəhbəri olması düzgün deyil. Mən bunun hüquqi yox, mənəvi tərəfi haqqında bir neçə kəlmə demək istəyirəm. Əcnəbi vətəndaşların mətbuat orqanının rəhbəri olmasının tərəfdarı deyiləm. Amma yaddan çıxarmaq lazım deyil ki, bəzən bizim xalqımızın, millətimizin içində elə insanlar da var, onlar hətta bizimlə eyni soyadı daşıdığı halda, azərbaycanlı olduğu halda bizim milli-mənəvi dəyərlərimizdən çox uzaq olurlar.
Mən tarixdən iki misal deyəcəyəm. Böyük rus yazıçılarından biri deyirdi ki, nə qədər rus imperatoru olsa da, onlar rus xalqına öz kimliyini heç biri tanıda bilməmişdi. Amma II Yekaterina kənardan gəldiyi halda rusları özlərinə tanıtmış, onların nə qədər böyük olduğunu göstərmişdi. 1929-cu ildə İosif Stalin Qədir Süleymanov adlı birini çağırır və deyir, səni Şərqşünaslıq İnstitutuna direktor təyin edirəm, sən isə yaxın zamanlarda SSRİ ərazisində türk adlı millətin yaşamadığını təsdiq etməlisən. Əlbəttə, həmin şəxs bunu təsdiq etdi. Mən bunu təsadüfən demirəm. Az qala 70 il keçsə də, bunun ağrısını biz hələ də çəkirik.
Bizim müzakirə etdiyimiz məsələlərdə də çox önəmli xüsusiyyətlər vardır. Ali təhsili olmayan şəxsin mətbuat orqanının rəhbəri işləməsi heç də yaxşı hal deyil. Bizim informasiya məkanımız xaricin təxribat xarakterli təsirlərindən qorunmalıdır. Mən də bunun tərəfdarıyam. Mətbuat işçilərinin, jurnalistlərin söz azadlığından sui-istifadə etməsini pisləmək lazımdır. Buna görə məsuliyyət də olmalıdır. Hətta qarşıdakı referendumda, yəni Konstitusiyamıza edilən əlavələrdə və dəyişikliklərdə də insanların şəxsi həyatına dair məlumatların yayılması qadağan olunur. Yəni söz, mətbuat azadlığından sui-istifadə etmək olmaz. Mən də bu dəyişikliklərin tərəfdarıyam.
Burada 19-cu maddəyə edilən əlavənin ikinci bəndində isə deyilir ki, qəzet və jurnalların nüsxələri müvafiq qurumlara çatdırılmadıqda on gün müddətində bağlanır. Məncə, bu, məntiqli deyil. Çünki onu çatdıran da mətbuatdır. Nəyə görə qəzet və jurnal bağlanmalıdır? Bunun müzakirəsi, ümumiyyətlə, gündəlikdən çıxarılmalıdır. Bütövlükdə mən bu layihəyə səs verəcəyəm, sizin də hamınızı bu layihəyə səs verməyə çağırıram. Sağ olun.
Sədrlik edən. Siyavuş müəllimin ürəyi soyumayıb, yenə danışmaq istəyir. Siyavuş müəllim, çıxış üçün Sizə söz verəcəyəm. Bu qanunun əsas məğzi odur ki, biz “Kütləvi informasiya vasitələri haqqında” Qanunu daha da təkmilləşdirək. Bəziləri deyirlər ki, Mətbuat Şurasına səlahiyyətlər vermək lazımdır. Mətbuat Şurasının lazımi qədər səlahiyyəti var. Bizim “Kütləvi informasiya vasitələri haqqında” Qanunumuz ən mütərəqqi qanunlardan biridir. Bu məsələlər bir az texniki məsələlərdir. Burada düzəlişlərdə çox dərinə getməyək. Buyurun, Siyavuş Novruzov.
S. Novruzov. Təşəkkür edirəm, Oqtay müəllim. Nəyə görə mən çıxış etmək istəyirəm? Baba müəllimin dəyərli çıxışından sonra hər halda mən də fikirlərimi deməliyəm. Burada bir neçə məsələyə toxunuldu. Milli Məclisin deputatları mütəmadi mətbuat orqanlarının obyektidirlər. Daim onların haqqında müəyyən xoşagəlməz fikirlər, yazılar, sözlər yer alır. Onların fəaliyyəti ilə bağlı deyil, başqa sahələrlə bağlı. Burada həmkarlarım çıxış elədilər və qeyd elədilər ki, guya Azərbaycanda müxalifət qəzeti cəmi iki dənədir: “Yeni Müsavat” və “Azadlıq” qəzeti. Mən on qəzet saya bilərəm. O demək deyil ki, qəzet hansısa partiya liderinin şəklini vursun və altından xoş sözlər yazsın. Onda müxalifət olur. Hökuməti söysün, müxalifət olur.
İnsanların fəaliyyəti ilə bağlı, dövlət strukturunun fəaliyyəti ilə bağlı yazan kifayət qədər qəzet var. Azərbaycanda 500-dən artıq qəzet çap olunur və bir çoxu gündəlik çıxır. Biz bunları oxuyuruq, dinləyirik, qulaq asırıq. Misal göstərə bilərəm, məgər “Hürriyyət” müxalifət qəzeti deyilmi? “Paralel” qəzetinin təsisçisi Sülhəddin Əkbərov Yeni Azərbaycan Partiyasının üzvü deyil, Müsavatın üzvüdür. Müxalifət qəzeti deyilmi? Digərlərinin adlarını sadalamaq istəmirəm. Yəni bu qəzetlərlə bağlı öz fikrimi söyləyirəm.
İkincisi, Pənah Hüseyn belə bir fikir söylədi ki, ümummilli lider Heydər Əliyev tərəfindən “Kütləvi informasiya vasitələri haqqında” Qanun qəbul olunub və onun dostu bu haqda fikrini bildirib. Bəli, Heydər Əliyev daim mətbuata diqqət göstərib. Bizim xatirimizdədir, mətbuatın borclarının dondurulması və ləğv olunması, Nazirlər Kabineti tərəfindən pul ayrılması, mətbuat orqanlarına qarşı dövlət vəzifələrində işləyən müəyyən insanların onları məhkəməyə verməsinə qadağa qoyması və sair.
Bunun alternativində nə gördük? Azərbaycan xalqının ümummilli liderinə, Azərbaycan xalqının ağsaqqalına, böyüyünə, Prezidentinə qarşı həmin dostu dediyi adam tərəfindən və onun rəhbərlik elədiyi mətbuat orqanı tərəfindən təhqirlərlə dolu ifadələrin işləndiyini gördük. İnsan xəstə ola bilər, hər bir insanın səhhətində problemlər yaranır, yaşından asılı olmayaraq, insanın başına gələ bilər. İnsana Azərbaycan dinində də, mədəniyyətində də, adət-ənənəsində də həmişə sağlamlıq arzulayırlar, insana heç vaxt ölün arzulamırlar. Həmin mətbuatın səhifələrində insanın ölməsi ilə bağlı məqalələr gedib, yaramaz fikirlər söylənilib. Söhbət bundan gedir.
Biz demokratiyanın tərəfdarıyıq. Heç nədən qorxmuruq, çəkinmirik. Biz təmiz, pak, düz, əməlisaleh insanlarıq. Nə istəyirlərsə, yazsınlar. Amma əxlaqa zidd hərəkətlər eləyəndə bu hər bir insanı qıcıqlandırır. Elə fikirlər yazırdılar. Mən ad çəkmək istəmirəm, bəziləri Milli Məclisin deputatıdırlar, Heydər Əliyev haqqında fikirlər yazırdılar. Heydər Əliyevin ölüm xəbərini gətirənə biri nişan üzüyünü bağışlayırdı, başqa birisi başqa fikir yazırdı. Bu, insan əxlaqına uyğundur? İnsan tərbiyəsinə uyğundur? Azərbaycanın milli mentalitetinə uyğundur? Uyğun deyil. Söhbət bundan gedir.
Kütləvi informasiya vasitələrinin bağlanması haqqında fikir söyləmirik və bunun da tam əleyhinəyik. İnsan mənəviyyatına qarşı olan yazıların əleyhinəyik. Oqtay müəllim, üzr istəyirəm Sizdən, ona görə də ikinci dəfə çıxış etməyə məcbur oldum. Həyatımızda bunu yaşamışıq, bilirik ki, Azərbaycanın ümummilli liderinə qarşı hansı yazılar yazılıb, hansı məqalələr formalaşıb, hansı fikirlər söylənilib. Hamısı şər, böhtan! Ömrünün bütün hissəsini Azərbaycan xalqına bağışlayan bir insana qarşı. Sonra deyirlər ki, filan vaxt qanun belə idi, indi belədir. Möhtərəm Prezidentimizə təşəkkür edirəm ki, Azərbaycanda bir bəlanı yığışdırdı. O vaxt Bill Klinton Heydər Əliyevə belə bir məktub yazmışdı ki, Siz Azərbaycanda dövlət çevrilişləri kimi xəstəliyin qarşısını aldınız. Bu gün möhtərəm Prezidentimiz Azərbaycanda kimisə təhqir edib, sonra adını jurnalist qoyub, 5-6 məqalə yazıb və o dəqiqə əfv olunmaq istəyənlərin qarşısını aldı. Bildirdi ki, Azərbaycanda hamı qanun qarşısında bərabərdir. Bunlar öyrənmişdilər, kimisə təhqir eləyim, söyüm, sonra Avropa Şurasından bir məktub gələcək, 5-6 jurnalist birləşib bir məqalə yazacaq, bir neçə redaktor müraciət edəcək və mən azadlığa çıxacağam. Elə adamlar var ki, 4-5 dəfə bu cür məsuliyyətə cəlb olunub. Bu gün onun qarşısı alınıb, artıq Azərbaycanda hamı qanun qarşısında bərabərləşib.
Misal göstərirəm. “Monitor” jurnalı Milli Məclisi də təhqir eləmişdi, mənim haqqımda da yazı yazmışdı. Məhkəməyə verdim, məhkəmə 40 min manat cərimə elədi və həmin vəsait 1 nömrəli uşaq evinə köçürüldü. Qərar çıxan günün səhəri təkzib verməli idi, amma ondan betər təhqirlərlə dolu ifadələr jurnalın səhifəsində yer aldı. Sonra neyləməliyəm? Hansı addımı atmalıyam? Pənah Hüseyn, göstər o addımları. Bu cür hərəkətlərin qarşısını almaq üçün deyirəm ki, qanunda müvafiq uyğunlaşma yaranmalıdır. “Yeni Müsavat” qəzeti 20 dəfə məhkəmədə uduzub. Hətta dedilər ki, məhkəmənin qərarı ilə kompüterləri də götürülməlidir. İnsanları təhqir eləməyin, tənqid eləyin, fikir söyləyin, təhqirə yol verməyin. Bizim də arzumuz, istəyimiz odur ki, hər bir Azərbaycan vətəndaşı təhqir olunmasın. Budur bizim məqsədimiz, budur bizim arzumuz. Odur ki, mən bir daha təşəkkürümü bildirirəm və deputat həmkarlarımı səs verməyə çağırıram.
Bir fikrimi də bildirmək istəyirəm. Burada qeyd olundu, Fuad Muradov da bununla bağlı fikrini söylədi ki, qəzetin özü kommersiyadır. “Birja” kommersiya qəzetidir. Orada kim ev satır, kim ev alır, kim mülk, torpaq satır. Qəzet “Kütləvi informasiya vasitələri haqqında” Qanunla tənzimlənir, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunla yox. Qəzet əlavə dəyər yaratmır, qəzet insanlara informasiya verir. Ona görə də onlar əlavə dəyər vergisindən də azaddırlar. Bu baxımdan biznes yox, qəzet kütləvi informasiya vasitəsidir. Ona görə də hesab edirəm ki, “Kütləvi informasiya vasitələri haqqında” Qanunla tənzimləndiyinə görə bu cür olmalıdır. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Əhməd Vəliyev.
Ə. Vəliyev. Hörmətli millət vəkilləri, demək olar ki, mənim fikirlərimin əksəriyyətini Siyavuş müəllim artıq söylədi. Ümumiyyətlə, çıxış edən həmkarlarımın bəzi fikirləri ilə heç vaxt razılaşa bilmərəm. Elə sahələr var ki, onlara biznes sahəsi kimi baxmaq olmaz. Sahibkarlıq fəaliyyətidir, amma ona biznes sahəsi kimi baxmaq olmaz. Necə ki bu gün özəl təhsil müəssisələri var. Özəl təhsil müəssisələrinə biznes fəaliyyəti kimi baxmaq mümkün deyilsə, mətbu orqanlara da biznes fəaliyyəti kimi baxmaq olmaz.
Mən rəhbərlik etdiyim universitetdə jurnalist seksiyası üzrə kadr hazırlığı aparılır. Bu gün həmkarım Fəzail Ağamalı dedi ki, bu peşədə hökmən jurnalistika etikası keçilməlidir. Mən hesab edirəm ki, təkcə jurnalistika etikası azdır. Bu gün elə fənlər tədris olunur ki, həmin ixtisas üzrə kadr hazırlığında onun mütəxəssis kimi formalaşmasında həmin fənlərin tədris olunması vacibdir. Bu gün bizim ən çətin anlarımız nə ilə bağlıdır? Mən hesab edirəm ki, bu gün təhsil sahəsində olan problemlərdən min dəfə artığı jurnalistika sahəsindədir. Siyavuş müəllim çox gözəl qeyd etdi, insanların mənəviyyatına təsir edən sahələrdən biri də jurnalistikadır. Bu maddədə yazılıb ki, xarici vətəndaşların və yaxud ali təhsili olmayanların baş redaktor olması qadağandır. Mən hesab edirəm ki, bu çox azdır. Hesab edirəm ki, “xarici vətəndaş” deyəndə onun mənşəyi artıq məlumdur. Ancaq yerli vətəndaşlar, milli mənsubiyyəti məlum olmayan insanlar bu gün jurnalistikada fəaliyyət göstərirlər. Bu gün mənəviyyatımıza nə qədər zərbə vurulur. Bunu hamınız çox gözəl bilirsiniz.
Eyni zamanda, hər bir peşənin əsasında təhsil durur. Mən hesab edirəm ki, jurnalistika peşəsini almayan adam qəzet redaktoru ola bilməz. Qəzetdə nəinki baş redaktor, hətta redaksiya heyətinin üzvü də olmamalıdır. Ola bilməz. Orada gedən yazılar bütün ictimaiyyətə çatdırılır. Deyək ki, riyaziyyat müəllimidir, auditoriyada 25 nəfərə, 100 nəfərə dərs deyir. Ancaq mətbuat tamam başqadır. Qəzet minlərlə, milyonlarla adamın əlinə keçir. Onlar oxuyurlar, məlumatlanırlar. Deməli, həmin qəzetdə yazılan yazılar daha da məsuliyyətlə yazılmalıdır, nəinki adi auditoriyada tədris olunan fənlər. Mən bu cür düşünürəm.
Həmkarlarımın qeyd etdiyi kimi, mən də hesab edirəm ki, əgər mümkündürsə, bu Qanuna dəyişikliklər edək. Bu Qanuna əlavə və dəyişikliklərdən başqa yenidən bu məsələ ilə bağlı bir qanun layihəsi hazırlansın. Həmin qanun layihəsində bu çatışmazlıqların hamısı öz əksini tapsın, yaxud Nizami müəllimin rəhbərliyi ilə elə əlavə və dəyişikliklər aparılsın ki, bu gün bizim mənəviyyatımıza zərbə vuran məqamlar aradan qaldırılsın. Onlara jurnalist demək olmaz. Təbii ki, onlar jurnalistikadan xəbərsiz olduqlarına görə mənəviyyatımıza təsir edən məqalələrlə çıxış edirlər. Bu gün bizim ailələrimizə də, gənclərimizin mənəviyyatına da təsir edirlər, ordumuzun da adını biabır edirlər, ölkəmizin rəhbərliyinə də qara yaxırlar. Bu cür münasibət aradan qalxmalıdır. Ona görə də hamınızdan bir daha xahiş edirəm ki, danışanda bir balaca diqqətlə danışın. Fikirləşin ki, hər sahəyə biznes sahəsi kimi baxmaq olmaz. Burada pul qazanmaq məqsədi dayanmır. Mənə elə gəlir ki, bu tamam yanlış fikirdir. Təbii ki, jurnalist bəzən insanların mənəviyyatına elə sarsıntı vurur ki, həmin insan bir də özünə gələ bilmir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Saat 6-dır. İndi imkan oldu, hamı ürəyini bir az boşaltdı. Bu çox maraqlı bir məsələ idi. Burada kimsə öz incikliyindən danışdı, kimsə mətbuatdan danışdı. Amma mən razıyam ki, mətbuata qarşı biz, doğrudan, dözümlü olmalıyıq. Bugünkü məsələdə nə mətbuatı məhkəməyə çıxarmışıq, nə də Mətbuat Şurasını. Bu, texniki məsələdir. Biz bu imkanları bir az böyüdürdük. Çıxışlara qulaq asdıq, hər kəs öz fikrini söylədi. Mən hesab edirəm ki, həqiqətən, bizim jurnalistlər də yazılarında bir balaca diqqətli olmalıdırlar. Jurnalistika ilə parlament arasında hörmət qarşılıqlı olmasa, həmişə qarışıqlıq olacaq. Bu gün bəzi müxalifət qəzetlərini də reklam etdilər. Bu müxalifət müxalifət deyil. Qəzetlərin hansının müxalifət, hansının iqtidaryönlü olduğunu araşdırmaq üçün gərək bir institut işləsin. Görsün, bu hansı qəzetdir, hara işləyir, necə işləyir?
Bir məsələ ilə razıyam ki, həqiqətən də, bu qəzetlərin çoxunun arxasında, ola bilər, lazım olmayan insanlar da var, öz məqsədlərindən istifadə edən insanlar da var. Buna jurnalist özü imkan verməməlidir. Həyat özü elə tənzimləyəcək ki, həmin dəyərsiz jurnallar, qəzetlər üç ilə, beş ilə aradan çıxacaqlar. Ona görə də biz çalışmalıyıq, bizim qanunlarımız elə tənzimlənməlidir ki, sarı mətbuat özü aradan çıxsın. Zorla bunu çıxarmaq mümkün deyil. Həmin qəzetləri dolandıran da, alan da, oxuyan da bizik. Əgər həmin qəzetlər alınmasa, oxunmasa, özü aradan çıxacaq. Yəni bu da bizdən asılıdır. Lalə Abbasova ilə Sabir Rüstəmxanlı qalıb. Xahiş edirəm, buyurun, Lalə xanım.
L. Abbasova. Mən çox qısa danışacağam. Hörmətli Sədr, hörmətli həmkarlarım! Ümumiyyətlə, kütləvi informasiya vasitələri sahəsində işləyən jurnalistlər, çox əfsuslar olsun ki, axır zamanlar çox azdır. Mən özüm də jurnalistikada 30 ildən artıq işləyirəm. Bu peşə çox hörmətsiz olub. Hətta “jurnalist” deyəndə hərdən mən utanıram ki, mən də bu peşədə çalışıram. Ona görə ki, hörmətsiz jurnalistlər layiqli jurnalistlərdən daha çoxdur. Əfsuslar olsun ki, səviyyəsiz qəzetlərimiz də çoxdur. Hətta deyə bilərəm ki, məhz həmin qəzetlər bizim cəmiyyətin mənəviyyatını pozur. Ona görə də jurnalistikada işləyən peşəkar olmalıdır. Şər və böhtanla dolu məqalələrə görə hər bir insan məsuliyyətə cəlb olunmalıdır. Demokratiya anarxiya deyil. Bu iki fikri qarışdırmaq lazım deyil. Burada belə ifadələr eşidildi ki, bunlar bizneslə bağlı məsələlərdir. Mən iki qəzetin təsisçisi olmuşam. Demək istəyirəm ki, qəzetlər gəlir gətirmir. Bəzi üzdəniraq qəzetlər bizim cəmiyyətimizi geri çəkir. Mənə elə gəlir ki, “Kütləvi informasiya vasitələri haqqında” Qanuna yenidən baxılmalıdır. Orada daha da çox dəyişiklik olmalıdır. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Sabir Rüstəmxanlı.
S. Rüstəmxanlı. Hörmətli Oqtay müəllim, mən də Sizin o fikrinizlə razıyam ki, bu gün biz “Kütləvi informasiya vasi tələri haqqında” Qanunu müzakirə etmirik. Burada həmin əlavələrdən istifadə edib, jurnalistika ilə bağlı bütün problem ləri ortaya qoya bilmərik. Burada konkret təkliflər var və həmin təkliflərə münasibət bildirilməlidir. Bəzilərinə artıq bildirildi.
Mən hesab edirəm ki, bu üç əlavədən biri xüsusən vacibdir. Dövri mətbu nəşrlərin məcburi nüsxələri müvafiq qurumlara göndərilməlidir. Çünki qəzetlər çıxır, mətbuat orqanları fəaliyyət göstərirlər. Amma bizim milli kitabxanamız, müvafiq qurumlar onu almır. Sabah tarix üçün həmin qəzet yaşamır. Ona görə vaxtında bu nüsxələr göndərilməlidir. Bunun məsuliyyətini redaktor da, nəşriyyat da daşımalıdır. Şübhəsiz, onların arasındakı müqavilədən asılıdır. Bunu müqavilə ilə onlar özləri həll etməlidirlər.
İkincisi, mən Pənah bəyin o fikri ilə razı deyiləm ki, Azərbaycanda iki müxalifət qəzeti var. Azərbaycanda kifayət qədər müxalifət qəzeti saya bilərəm. Amma müxalifətçilik anlayışı bir az dəqiqləşdirilməlidir ki, müxalifətçiliyi nədə görür?
Mənim təsis etdiyim “Vətəndaş həmrəyliyi” qəzeti var. Gündəlik çıxmır, həftədə iki dəfə çıxır. Amma neçə illərdir, normal müxalifət qəzeti kimi fəaliyyət göstərir. Kimsə bunu görmək istəmirsə, yanılır. Əslində, biz müxalifətçiliyə elə o cür baxırıq. Filan partiyalar müxalifdir, yerdə qalanlar müxalif deyil. Müxalifətçilik və müxalifət mətbuatı söhbətləri, anlayışları dəqiqləşdirilməlidir.
Üçüncüsü, bir-iki dəqiqləşmənin tərəfdarıyam. Birincisi, əcnəbi və ali təhsili olmayan şəxsin mətbu nəşrin redaktoru vəzifəsinə təyin edilməsi məsələsidir. Mən hesab edirəm ki, ali təhsil və peşəkarlıq məsələsi doğrudur. Yəni təsisçilər özləri müəyyənləşdirməlidir, kim onun qəzetinin redaktoru ola bilər? Amma əcnəbi məsələsi də aydınlaşmalıdır. Çünki biz bilirik, məsələn, Moskvada, Rusiyada Azərbaycan qəzetləri çıxır. Onun redaktoru Rusiya vətəndaşı ola bilməz, azərbaycanlı olur. Dünyanın bir sıra ölkələrində, məsələn, Almaniyada, başqa ölkələrdə çoxlu türk qəzetləri çıxır. Redaktorları əcnəbidir, türkdür, amma qəzet buraxır. Ona görə biz burada kimi nəzərdə tuturuq? Deyək ki, Azərbaycanda ingilis icması var, özü üçün qəzet çıxarır, həmin qəzetin redaktoru, təbii ki, ingilis olacaq. Ona görə də onun hansı kateqoriyaya aid olmasını müəyyənləşdirmək lazımdır. Yəni dünyanın hər yerində icazə verilir ki, orada yaşayan mühacirlər özləri üçün qəzet buraxsınlar. Redaktorun əcnəbi olmasına yol vermiriksə, icazə vermiriksə, redaktor kim olmalıdır? Bu məsələ dəqiqləşdirilməlidir. Buna çox ciddi ehtiyac var.
İkincisi, qeyd olunur ki, kütləvi informasiya azadlığından və jurnalist hüquqlarından sui-istifadə etməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra həmin əməl il ərzində təkrar törədildikdə iddia qaldırılır. Aydındır, mən hesab edirəm ki, bu normal bir yanaşmadır. Amma bu əməlin törədildiyini kim müəyyənləşdirir? Bu, məhkəmə tərəfindən sübut olunur. Deyək ki, hansı orqan deyə bilər ki, sən bu əməli təkrar eləmisən? Sabah bundan istifadə edib istənilən mətbuata tələb qoya bilərlər ki, sən bir il bundan əvvəl məhkəməyə verilmişdin, il ərzində təzədən ya kimisə söymüsən, ya da kimisə təhqir eləmisən. Amma bu təhqirin təhqir olduğunu sübut eləmək imkanı olmayacaq. Gərək bu yazılsın, ya məhkəmə yolu ilə müəyyənləşdirilsin, ya da bunun bir əsası tapılmalıdır. Dəqiq hüquqi dildə yazılmalıdır.
Sonra, burada jurnalistika haqqında geniş söhbətlər getdi. Bilirsiniz, mənə elə gəlir ki, cəmiyyətdə jurnalist qəzəbinə səbəb olan məsələlər haqqında düşünmək lazımdır. Jurnalistləri qəzəbləndirən, onları məcbur edən müəyyən sahələrin başçıları haqqında, müəyyən məmurlar haqqında yazılardakı qəzəb haradan gəlir? Niyə bu cür yazır? Bunun səbəblərini də fikirləşmək lazımdır.
Burada deyirlər ki, mənəviyyatımızı jurnalistlər korlayırlar. Yaxşı, korlanmış mənəviyyat haqqında jurnalist yazmasın, nə etsin? Əvvəl həmin mənəviyyatı düzəlt ki, onun haqqında da jurnalist qəzəbli yazmasın. Təhqir yazılmır, təhqir olur. Mən təhqirə qarşıyam. Amma bir yerdə ki əyrilik var, ədalətsizlik var, haqsızlıq var, jurnalist bunu görür, deyir. Biz onda güzgünü niyə sındırmalıyıq? Biz çalışaq, həmin sahə düzəlsin. Mən peşəkar jurnalistəm, amma jurnalist təhsilim yoxdur. Mən filoloqam, ömrü boyu jurnalist işləmişəm və heç vaxt mənim qəzetlərimdə təhqir olmayıb.
Bilirsiniz, jurnalistika Azərbaycanın ən böyük qazanclarından biridir və bugünkü dövlətçiliyimizin möhkəmlənməsində, Azərbaycanın demokratik imicinin formalaşmasında Azərbaycan jurnalistikasının müstəsna xidməti var. Mən sevinirəm ki, bu gün Azərbaycan jurnalistikasında müxtəlif üslublar, müxtəlif yollar yaranır, jurnalistikaya çox istedadlı bir nəsil gəlir. Amma biz hər şeydə bunları ittiham edə bilmərik. Jurnalist gözünü yumsun, bu cəmiyyətdə gözü kor yaşasın, görməsin, deməsin? Bir dəfə deyir, iki dəfə deyir, məktub göndərir, cavab gəlmir, oxucular yazır, göndərir ünvanlarına, cavab gəlmir. Onda jurnalistin içində qəzəb qaynayanda o istər-istəməz təsir edir. Biri haqqında yazır ki, sənin məktəbində, yaxud sənin müəssisəndə rüşvət var. Təbii ki, biz məhkəməyə veririk ki, sən məni təhqir etmisən. Ola bilsin, heç bunu sübut eləyə bilməyəcək. Amma bunun olduğunu biz bilirik. Onda biz jurnalistdən nə tələb edə bilərik?
Mən hesab edirəm ki, bizim “Kütləvi informasiya vasitələri haqqında” Qanun kifayət qədər səriştəli işlənmiş bir Qanundur. Bu əlavələrdə də, mənim və başqalarının dediyi kimi, obyektiv şeylər var. Müəyyən dəqiqləşdirmə aparmaqla bunlar əlavə oluna bilər. Çünki jurnalistikaya ziyan vuran əlavələr deyil. Əksinə, jurnalistikanın məsuliyyətini artıran əlavələrdir. Biz jurnalistikamızdan da məsuliyyət tələb eləməliyik. Eyni zamanda, elə etməliyik ki, jurnalistika ilə cəmiyyətimiz arasında, doğrudan da, bir ahəng yaransın. Elə bir şərait yaransın ki, biz bir-birimizi normal başa düşək və qəzetlərimiz də bu cəmiyyətə yaraşan şəkildə çıxanda ona qəzəblənməyək. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Sabir müəllim, jurnalistlər bizim cəmiyyətin üzvləridir, biz də həmin cəmiyyətin üzvləriyik. Hesab edirəm, burada heç kim jurnalistikaya qarşı çıxış eləmədi, hər kəs öz fikrini söylədi. Çox güclü, savadlı jurnalistlər də var. Məsələn, Siz misallar dediniz. Elə misallar var ki, mən də deyə bilərəm. Gəlir, bir şəkil çəkir, Məşədi İbad kimi deyir, axşam qəzetimdə verəcəm. Biri var, desin, ürəyi yansın, ancaq qoyur zərfin içinə, 15 ünvana göndərir. Söhbət bu cür “jurnalistika”dan gedir. Biz də istəyirik ki, bu məsələlər olmasın. Mən hesab edirəm ki, qədərincə müzakirə elədik. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 18.08 dəq.)

Lehinə  104
Əleyhinə  5
Bitərəf  1
Səs vermədi  0
İştirak edir  110
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi. Növbəti iclas barədə sizə xəbər verəcəklər.

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi