2008-ci il 16 dekabr tarixli iclasın stenoqramı

ÜÇÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
X  SESSİYASI  İCLASININ

PROTOKOLU  №  99

Milli  Məclisin  iclas  salonu.
16  dekabr  2008-ci  il.  Saat  12.

Milli  Məclisin  Sədri
O. Əsədov  sədrlik  etmişdir


İclasda Milli Məclisin 105 deputatı iştirak etmişdir.

İclasa dəvət olunmuşlar:

S. Qəhrəmanova, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini.
L. Seyidbəyova, Bakı Şəhər Səhiyyə İdarəsinin rəisi.
F. Əliyeva, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktoru.
E. Əliyeva, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin şöbə müdirinin müavini.
E. Əzizov, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin hüquqşünası.
M. Məmmədov, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə yeni işçi qruplarının yaradılması, mövcud işçi qruplarının yenidən təşkil olunması və tərkibində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisi qərarının layihəsi barədə.
2. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi (birinci səsvermə).
3. “Böyük Vətən müharibəsinin əlil və iştirakçılarının, eləcə də onlara bərabər tutulan şəxslərin güzəştli gediş-gəliş hüquqlarının qarşılıqlı tanınması haqqında” 12 mart 1993-cü il tarixli Sazişə dəyişiklik və əlavələr edilməsi haqqında” Protokolun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
4. “Azərbaycan Respublikası Hökuməti və Özbəkistan Respublikası Hökuməti arasında humanitar sahədə əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
5. “Azərbaycan Respublikası Hökuməti və Özbəkistan Respublikası Hökuməti arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlığın inkişafı üzrə gələcək tədbirlər haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
6. “Azərbaycan Respublikası Hökuməti və Özbəkistan Respublikası Hökuməti arasında vergi sahəsində əməkdaşlıq və məlumat mübadiləsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
7. “Azərbaycan Respublikası Hökuməti və Özbəkistan Respublikası Hökuməti arasında məxfi informasiyanın qarşılıqlı mühafizəsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
8. “Azərbaycan Respublikası Hökuməti və Özbəkistan Respublikası Hökuməti arasında dəmir yolu nəqliyyatı sahəsində əməkdaşlığın genişləndirilməsi üzrə tədbirlər və kombinə edilmiş daşımaların inkişafı haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
9. “Azərbaycan Respublikası və Niderland Krallığı arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın və ona dair Protokolun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
10. “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
11. Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
12. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
13. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavələr edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
14. “Məhkəmələr və hakimlər haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında” və “Terrorçuluğa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
16. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”yə əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
17. “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
18. İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
19. Reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
20. Azərbaycan Respublikasının Şəhərsalma Məcəlləsinin layihəsi haqqında.

İclasda qəbul edilmişdir:

1. “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə yeni işçi qruplarının yaradılması, mövcud işçi qruplarının yenidən təşkil olunması və tərkibində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı.
2. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi (birinci səsvermədə).
3. “Böyük Vətən müharibəsinin əlil və iştirakçılarının, eləcə də onlara bərabər tutulan şəxslərin güzəştli gediş-gəliş hüquqlarının qarşılıqlı tanınması haqqında” 12 mart 1993-cü il tarixli Sazişə dəyişiklik və əlavələr edilməsi haqqında” Protokolun təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
4. “Azərbaycan Respublikası Hökuməti və Özbəkistan Respublikası Hökuməti arasında humanitar sahədə əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
5. “Azərbaycan Respublikası Hökuməti və Özbəkistan Respublikası Hökuməti arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlığın inkişafı üzrə gələcək tədbirlər haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
6. “Azərbaycan Respublikası Hökuməti və Özbəkistan Respublikası Hökuməti arasında vergi sahəsində əməkdaşlıq və məlumat mübadiləsi haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
7. “Azərbaycan Respublikası Hökuməti və Özbəkistan Respublikası Hökuməti arasında məxfi informasiyanın qarşılıqlı mühafizəsi haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
8. “Azərbaycan Respublikası Hökuməti və Özbəkistan Respublikası Hökuməti arasında dəmir yolu nəqliyyatı sahəsində əməkdaşlığın genişləndirilməsi üzrə tədbirlər və kombinə edilmiş daşımaların inkişafı haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
9. “Azərbaycan Respublikası və Niderland Krallığı arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın və ona dair Protokolun təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
10. “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
11. “Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
12. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
13. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
14. “Məhkəmələr və hakimlər haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında” və “Terrorçuluğa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
15. “Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
16. “Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”yə əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
17. “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
18. İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuşda).

* * *

Reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması haqqında Azərbaycan Respublikası qanunu layihəsinin birinci oxunuşda müzakirəsinə başlanılmışdır.


Azərbaycan  Respublikası
Milli  Məclisinin  Sədri                               O. ƏSƏDOV
 

 

MİLLİ  MƏCLİSİN  İCLASI

16  dekabr  2008-ci  il.  Saat  12.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir


Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.

Qeydiyyat  (saat 12.00 dəq.)
İştirak edir 97
Yetərsay 83

Çox sağ olun, yetərsay var, iclasımıza başlaya bilərik.
Hörmətli millət vəkilləri, dekabrın 16 və 19-da keçiriləcək iclasların gündəliyi sizə paylanıb. Xahiş edirəm, gündəliyə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 12.01 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 100
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi. Müzakirəyə ehtiyac var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda yazılın. Əli Əhmədov.
Ə. Əhmədov. Çox sağ olun, hörmətli Oqtay müəllim. Hörmətli Milli Məclis, mən bu gün həyatımızın təkidli tələbi olan ciddi bir məsələnin Milli Məclisin müzakirəsinə çıxarılmasını xahiş edirəm. Məlum olduğu kimi, Azərbaycanda Prezidentin səlahiyyət müddəti ilə əlaqədar bir neçə ildir ki, ciddi müzakirələr gedir. Bu müzakirələrin nəticəsində ortaya çıxan həqiqət ondan ibarətdir ki, Azərbaycan vətəndaşlarının müxtəlif əksəriyyəti bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə qoyulan məhdudiyyətin aradan qaldırılmasının vaxtı çatmış reallıq olduğunu açıq şəkildə ifadə edirlər.
Əslində, bir şəxsin iki müddətdən artıq prezident seçilməsinə məhdudiyyətin qoyulması bir yandan vətəndaşın seçilmək hüququnu, digər yandan xalqın seçmək hüququnu məhdudlaşdırır.
Belə məhdudiyyətin tətbiq edilməsi xalqın öz iradəsini tam şəkildə ifadə etməsinə imkan vermir. Bir nəfərin iki dəfədən artıq prezident seçilməsinə məhdudiyyətin olduğu şəraitdə xalqın həqiqi mənada prezident görmək istədiyi şəxsə səs vermək imkanı olmadığından xalqın dövlət başçısı kimi görmək istəmədiyi başqa bir şəxsin prezident seçilmə şansı yaranır ki, bu da xalqın və ölkənin gələcəyinin taleyin hökmünə buraxılması deməkdir. Təbii ki, buna qətiyyən yol verilə bilməz.
Buna görə də, bir yandan ictimai müzakirələrin nəticəsinə istinad edərək, ikinci tərəfdən Milli Məclisdə Yeni Azərbaycan Partiyasının mənsub olduğu çoxluğun mövqeyini nəzərə alaraq bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə qoyulan məhdudiyyətin aradan qaldırılması üçün referendum keçirilməsi ilə əlaqədar məsələnin Milli Məclisin növbəti iclaslarından birinin gündəliyinə salınmasını və müzakirədən sonra referendum keçirilməsinə dair Milli Məclisin qərar qəbul etməsini təklif edirəm. İnanıram və sizi əmin etmək istəyirəm ki, belə bir təklifi Milli Məclisin deputatlarının əksəriyyəti bəyənir, qətiyyətlə dəstəkləyir və hətta alqışlayırlar. Hörmətli Oqtay müəllim, inanmaq istəyirəm ki, bu məsələnin növbəti iclaslardan birinin gündəliyinə salınmasına dair müvafiq göstəriş verəcəksiniz. Sağ olun. (Alqışlar.)
Sədrlik edən. Sağ olun. Fəzail İbrahimli.
F. İbrahimli. Çox sağ olun, Oqtay müəllim. Təbii ki, mən gündəlik həyatımda olan məsələlərlə bağlı fikirlərimi bu gün gündəmə gətirmək istədim. Ancaq Əli müəllim Azərbaycanın siyasi həyatı, dövlətçiliyimizin taleyi ilə bağlı olan bir məsələni gündəmə gətirdiyi üçün mən iki məsələnin üzərində durmaq istərdim. Birinci referendumun keçirilməsi məsələsidir. Təbii ki, belə bir referendum keçirilərsə, mən Regional məsələlər daimi komissiyasının üzvü kimi bir məsələyə toxunmaq istərdim.
Azərbaycanın siyasi həyatına daxil olan bələdiyyələr cəmiyyətimizdə özünə kifayət qədər yer tutub. Ancaq çatışmazlıqlar da kifayət qədərdir və bunu aradan qaldırmaq üçün mövcud olan təsir mexanizmi çox zəifdir. Ədliyyə Nazirliyinin tərkibində mərkəz var, lakin onun bu məsələləri qaldırmaq üçün kifayət qədər səlahiyyəti yoxdur. Ona görə hesab edirəm ki, referendum keçirilərsə, bələdiyyə seçkiləri ilə və bələdiyyələrlə bağlı qüsurlara yol vermiş bələdiyyələrin səlahiyyətinin dayandırılması, onların yenidən seçilməsi və digər məsələlər gündəmə gətirilsin.
İkincisi isə bu gün bələdiyyələrin hesabat verdiyi təşkilat yoxdur. Mən təklif edərdim ki, bələdiyyələr Milli Məclis qarşısında hesabat versinlər.
Əli müəllimin qaldırdığı məsələ ilə bağlı fikirlərimi bildirmək istəyirəm. Bilirsiniz, bəzən məsələlərin zahiri, yaxud da siyasi tərəfinə daha çox diqqət yetirdikdə, mahiyyət kənarda qalır. Fikrimi nə ilə əsaslandırmaq istərdim? Təsəvvür edin ki, Amerika Birləşmiş Ştatlarında prezident iki dəfə seçilə bilir. Bizim hamımız şahidik, Klintonun prezidentlik dövrü dünyanın həyatında ən rəvan, müharibəsiz dövr oldu. Amerikanın həyatında ciddi uğurlar qazanıldı, işsizlik ləğv edildi. Amma məhz Konstitusiyadakı bir fərdin iki dəfə seçilə bilməməsi maddəsi Klintonun yenidən prezident seçilməsinə mane oldu. Nəticədə hakimiyyətə Corc Buş gəldi, dünya müharibələrlə səciyyələndi. Bəşəriyyət bu gün mehvərindən çıxıb, dünya qeyri-adi həyat tərzi keçirir. Konstitusiyada prezidentin üçüncü dəfə, yaxud bir neçə dəfə seçilməsi maddəsi olardısa, Klintonun yenidən prezident seçilməsi dünya siyasətinə təsir göstərə bilərdi. Burada fərdin hüququ pozulur və digər tərəfdən aparılan strateji kurs müəyyən qədər yarımçıq qalır. Ona görə güman edirəm ki, burada vətəndaşın hüququnun pozulması, enerjisi olan, cəmiyyət tərəfindən qəbul edilən...
Sədrlik edən. Zahid Oruc.
Z. Orucov. Cənab Sədr, hörmətli millət vəkilləri! Mən birinci növbədə Qarabağ münaqişəsinin həlli ilə bağlı Helsinkidə keçirilən görüşlərdə ATƏT-in Xarici İşlər Nazirləri Şurasının bəyanatındakı bir məqama diqqətinizi cəlb etmək istəyirəm. Orada döyüş bölgələrindən etimad mühitinin yaranması və təhlükəsizlik üçün snayperlərin çıxarılması müddəası əksini tapıb. Hesab edirəm ki, Azərbaycan parlamenti eyni çağırışı bir müraciət formasında ATƏT-in Minsk qrupunun təsisçilərinə, 13 üzvünün hər birinə, o cümlədən həmsədr dövlətlərə göndərməlidir ki, bu bölgədən ağır silahların çıxarılması, demilitarizasiya siyasətinin həyata keçirilməsi mümkün olsun. Çünki on illər ərzində baza prinsipləri üzərində iş aparılması yetər, indi faktiki məsələlərə keçilməlidir.
Cənab Sədr, mən həmkarlarım tərəfindən bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə qoyulan məhdudiyyətin ortadan götürülməsinə yönələn çağırışları müdafiə edirəm. Birinci növbədə, bu onunla bağlıdır ki, respublika dövlət quruluşunu və prezident üsuli-idarəsini dünyaya bəxş eləyən Fransada bu müddəa, yəni belə məhdudiyyət yoxdur. Əgər kimlərsə hesab edirlərsə ki, Amerika siyasi sistemində özünü göstərmiş element kimi bizə də bu lazımdır, onda xatırladıram ki, 1789-cu ildə Amerikanın həyatında özünün əksini tapan bu prinsip 1947-ci ilə qədər mövcud olmuşdur və Franklin Ruzvelt bundan üç dəfə, 1933-cü ildən 1945-ci ilə qədər yararlanmışdır. Deyim ki, əslində, bizdə də belə olmalı idi. Əgər kimsə istəyirsə ki, bu modeli etalon kimi bizdə də tətbiq eləsin, onu təxminən 2150-ci ildə tətbiq eləmək olar.
Hesab edirəm ki, bu müddəanın ortadan götürülməsi tamamilə demokratiyaya uyğundur, çünki ən böyük demokratiya xalqın iradəsidir. O biri yandan, seçki prinsipinin qalması o deməkdir ki, yenə də hakimiyyətin mənbəyi xalqdır. Başqa bir mənada, hesab edirəm ki, onun ortadan götürülməsi bütün qüvvələrə, cəmiyyətə gələcək stabil inkişafı təmin edən və qeyri-müəyyənlikdən sığorta olunan bir həyat verəcəkdir. Digər tərəfdən hesab edirəm ki, bu, vaxtilə Konstitusiyanın əleyhinə olan qüvvələrə də sərfəlidir, çünki bir neçə partiyadan ibarət siyasi sistemin formalaşması mümkün olacaq.
Cənab Sədr, hesab edirəm ki, bu addımlar, əslində, Konstitusiya quruluşunun təkmilləşdirilməsi deməkdir. Bu hər hansı bir formada başqa bir adla qarşılanmamalıdır. Bu mənada hesab edirəm ki, vətəndaşlar da udacaqdır, çünki onların həyatları bu və ya digər təqiblərə, pusquya, foto və digər nəzarətə məruz qalır ki, bunu da...
Sədrlik edən. Sağ olun. Sabir Hacıyev.
S. Hacıyev. Mən də bir-iki təklif irəli sürmək istəyirəm. Birincisi, son zamanlar mətbuatda “Siyasi partiyalar haqqında” Qanunla bağlı çoxlu müzakirələr gedir. İstərdim ki, yaxın zamanlarda belə bir qanun layihəsi Milli Məclisin müzakirəsinə təqdim olunsun. Bilirsiniz ki, 1992-ci ildən bəri bu qanuna heç bir dəyişiklik olmayıb və bu, zəruri məsələdir.
İkinci, Əli müəllimin təklifini dəstəkləyirəm. Çox düzgün olaraq qeyd olundu ki, söhbət yalnız vətəndaşın seçilmək hüququndan deyil, xalqın seçmək hüququndan gedir. Burada yaxşı misallar da göstərdilər. Nəyə görə başqa xalqlar istədiyi dövlət başçısını seçə bilərlər, amma Azərbaycan xalqı bundan məhrumdur? Misal üçün, Azərbaycan xalqı Fransa xalqından əskik deyil və ona görə hesab edirəm ki, xalqa bu hüququ vermək lazımdır. Bu məsələni müzakirəyə çıxarmaq və onu həll etmək düzgün olardı.
Yeri gəlmişkən, bir fikri də burada səsləndirmək istəyirəm. Əgər biz xalqın hüququndan söhbət ediriksə və xalqa bu hüququ qaytarmaq istəyiriksə, təklif edərdim ki, xalqa qanunvericilik təşəbbüsü hüququnda da səlahiyyət verilsin. Bildiyimiz kimi, Konstitusiyanın 96-cı maddəsində qanunvericilik təşəbbüsü hüququnun subyektləri sadalanıb. Təklif edərdim ki, onlardan başqa seçki hüququna malik olan 50 min vətəndaşa da qanunvericilik təşəbbüsü hüququ verilsin. Yəni bu da referenduma salınsın və belə hüquq 50 min vətəndaşa verilsin. Bu hüquqdan istifadə etmə qaydası isə, təbii ki, ayrıca bir qanunla müəyyən edilə bilər. Xahiş edirəm, bu məsələ müzakirəyə çıxarılsın. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Havva Məmmədova.
H. Məmmədova. Çox sağ olun. Möhtərəm cənab Sədr, hörmətli millət vəkilləri! Bugünkü gündəliyə bir neçə təklifim vardır. Mən Xankəndindən seçilmiş millət vəkiliyəm və bu günə qədər Ermənistanın Azərbaycana təcavüzü davam edir. İşğal olunmuş bütün rayonlarımızın icra qurumları vardır. Yeganə rayondur ki, Xankəndinin heç bir icra qurumu yoxdur. 18–20 mindən artıq əhali, demək olar ki, respublikamızın 48-dən artıq regionuna səpələnmişdir. Onların xahişi bundan ibarətdir ki, Xankəndinin də icra qurumu yaradılsın. Belə bir idarəetmə sisteminin yaradılmasına böyük ehtiyac vardır.
Cənab Sədr, mənim də səsləndirəcəyim digər fikir məndən öncə çıxış edən hörmətli həmkarlarımın, xüsusən Əli Əhmədovun irəli sürdüyü təkliflə bağlıdır. Son zamanlar ictimaiyyət arasında gedən müzakirələrdə irəli sürülən tələb bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə qoyulmuş qadağanın Konstitusiyadan çıxarılmasından ibarətdir. Bu, ictimaiyyəti narahat edən ən böyük problemdir. Mən xahiş edirəm ki, Milli Məclis bu fikirlərə diqqətlə yanaşsın və növbəti iclaslardan birini bu məsələyə həsr etsin. Konstitusiyamıza edilmiş əlavə və dəyişikliklərə, o cümlədən dövlətin ali məqsədlərinə vətəndaşların layiqli həyat səviyyəsinin daxil edilməsi təmin edilsin. Həm də Konstitusiyamızda qeyd olunsun ki, Azərbaycanın iqtisadiyyatı sosial yönümlü olmalıdır və vətəndaşların həyat səviyyəsinin təmin edilməsinə xidmət etməlidir.
Cənab Sədr, mən hesab edirəm ki, artıq çoxdan Konstitusiyamıza əlavələr və dəyişikliklər edilməsinin vaxtı çatmışdır. Növbəti iclasların birində bir şəxsin iki dəfədən artıq seçilməsi ilə bağlı qoyulmuş məhdudiyyətin Konstitusiyamızdan çıxarılması məsələsi gündəliyə çıxarılsın. Edəcəyim təkliflər bundan ibarətdir, xahiş edirəm, təkliflərimi nəzərə alasınız. Sağ olun.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, bir az gündəlikdən də danışın. Hüseynbala Mirələmov.
H. Mirələmov. Çox sağ olun, Oqtay müəllim. Mən iki məsələ barədə fikrimi demək istəyirəm. Birinci məsələ hörmətli həmkarım Əli Əhmədovun qaldırdığı təkliflə bağlıdır. Doğrudan da, seçicilərlə çoxsaylı görüşlərimizdə insanlar bu məsələyə münasibətlərini bildirirlər. Mən xahiş edirəm ki, Əli Əhmədovun qaldırdığı məsələ növbəti iclasların birində müzakirə olunsun və referenduma çıxarılsın.
İkinci, Oqtay müəllim, çox sağ olun! Biz bu yaxınlarda İstanbulda səfərdə olduq. Mən həmkarlarım Eldar İbrahimovun, Nizami Cəfərovun, Hadi Rəcəblinin adından və öz adımdan sizə minnətdarlığımı bildirirəm. Siz bizim bu səfərimizi çox yüksək səviyyədə təşkil elədiniz və son dəqiqəyə qədər izlədiniz. Biz Azərbaycanın adını yüksəklərə qaldırdıq. Çox yüksək səviyyədə görüşlərimiz oldu. Kitabın təqdimatı yüksək səviyyədə keçdi və Böyük Millət Məclisinin hörmətli deputatları bu mərasimdə iştirak etdilər. Onlar bunu alqışladılar və xahiş etdilər ki, ki, Sizə onların salamlarını çatdırım və çox sağ olun deyim. Minnətdaram ki, Siz bu görüşü təşkil elədiniz və görüş yüksək səviyyədə keçdi. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. İltizam Əkbərli.
İ. Əkbərli. Təşəkkür edirəm, cənab Sədr. Mən öz vaxtımı həmkarım Fazil Mustafaya verirəm.
F. Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən İltizam bəyə təşəkkür edirəm və onun bir fikrini çatdırmaq istəyirəm. İmişli rayonunda qaz çəkilişi ilə bağlı müəyyən problemlər hələ də öz həllini tapmayıb. O işə bələdiyyələr, xeyriyyə cəmiyyətləri köməklik etmək istəyəndə, təəssüf ki, “Azəriqaz” tərəfindən məktub göndərilir ki, heç kim bu işə qarışa bilməz, onu ancaq “Azəriqaz” çəkməlidir. Çalışmaq lazımdır ki, bu problem həll olunsun və vətəndaşlar qış qabağı məişət şəraitini yaxşılaşdırsınlar.
Mən son dərəcə vacib bir məsələ ilə bağlı fikrimi bildirmək istəyirəm. Konstitusiya dəyişiklikləri, əlbəttə, müzakirəyə çıxarılanda biz öz mövqeyimizi bildirəcəyik. Burada bir çox məsələlərin əhatə olunmasını vacib sayırıq. Amma mən daha vacib saydığım bir məsələni dəfələrlə Milli Məclisin tribunasından səsləndirmişəm. Bu, eks-prezidentlərin statusu ilə bağlı məsələdir. Mən burada oturan Yeni Azərbaycan Partiyasının üzvlərindən də, Milli Məclisin rəhbərliyindən də xahiş edirəm ki, bu məsələyə ciddi yanaşaq. Xatırlayırsınızsa, Murtuz müəllim Milli Məclisin sədrliyindən gedəndən sonra ona necə hörmətlə yanaşıldı, imtiyazlar saxlanıldı. Bunun nəyi pisdir? Niyə biz dövlətdə vəzifə tutmuş, dövlətə xidmət eləmiş insanlar işdən gedəndən sonra onlara laqeyd münasibət bəsləyirik? Nə olar, ideologiyalar, baxışlar, münasibətlər fərqli ola bilər. Amma insanlara göstərilən münasibət dövlətin özünün ləyaqətinin nümunəsidir.
Bu baxımdan eks-prezidentlərin statusu ilə bağlı, məncə, Konstitusiya səviyyəsində qanun qəbul eləmək lazımdır. Əgər Konstitusiya islahatı aparılırsa, mütləq bu məsələ həllini tapmalıdır. Məsələnin həllini tapması həm də dövlətin xaricdə nüfuzunun artmasına gətirib çıxara biləcək qədər çox vacibdir. Hesab edirəm ki, həm də bu cəmiyyətdə ideoloji qütblərdə bir-birini qəbul eləyə bilməyən insanların barışığı, bir-birinə doğru addım atması üçün vacibdir. Nə olar, biri 1 il hakimiyyətdə olub, digəri 15 il. Bunun nə fərqi var? Kimsə daha çox xidmət eləyibsə, bu xidmətə görə qiyməti verilər. Amma o vəzifəni tutan insanların haqqı qaytarılmalıdır, onların ailəsi bu imtiyazdan yararlanmalıdır. Bu, Ermənistanda da, Gürcüstanda da var, başqa ölkələrdə də. Əvvəllər çox insanlar bu məsələyə qarşı çıxırdılar və fikirləşirdilər ki, burada kiməsə imtiyaz vermək dövlətin nüfuzunu aşağı salar. Bu belə deyil. Hesab eləyirəm ki, əgər Konstitusiya qanunu ilə bağlı islahatlar nəzərdə tutulursa, mütləq bu maddə orada öz əksini tapmalıdır. Bir də, mən proporsional seçki sisteminin bərpası ilə bağlı maddənin də bu müzakirəyə çıxarılmasının tərəfdarıyam. Ümid eləyirəm ki, bu məsələlərə diqqətlə yanaşılacaq və problem öz həllini tapacaq. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Arzu Səmədbəyli.
A. Səmədbəyli. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən elə çıxışımın əvvəlində Fazil bəyin qaldırdığı məsələləri tamamilə dəstəklədiyimi bildirirəm. Xatırlatmaq istəyirəm ki, Müsavat deputat qrupu eks-prezidentlərin statusu haqqında qanun layihəsini iki ildir, parlamentə təqdim eləyib. Çox yaxşı olardı ki, o qanun layihəsi müzakirəyə çıxarılsın və qəbul olunsun. O fikirlərə də qatılıram ki, bu, ölkədəki ab-havanın yumşalmasına xidmət eləyərdi və Milli Məclis də öz borcundan çıxmış olardı.
Amma Əli Əhmədovun qaldırdığı məsələyə qatılmıram. Hesab eləyirəm ki, Əli Əhmədovun qaldırdığı məsələ bu gün aktual deyil, bu daha çox ölkədəki problemlərdən diqqəti yayındırmaq üçün gündəliyə təklif olunur. Başqa cür də ola bilər. Ola bilsin ki, bu, hakimiyyət daxilindəki qruplaşmaların öz gələcək taleləri ilə bağlı narahatçılıq hissindən doğan bir təklifdir. Bu, heç də demokratik bir təklif deyil.
Mən buradakı çıxışlara qulaq asdım. Məndə belə bir fikir yarandı ki, bəlkə Amerikaya parlamentdən bir nümayəndə heyəti göndərək və oradakı parlamentariləri də başa salaq ki, demokratik qanunlar qəbul eləyin, referendum keçirin. Bu referendumun orada və burada eyni vaxtda keçirilməsi çox yaxşı olardı, çünki Azərbaycanın demokratik imicinə çox yaxşı təsir edərdi. Mənim gündəlikdəki məsələlərlə bağlı təkliflərim başqa idi, amma qaldırılan məsələ ilə bağlı bu fikirləri deməyi özümə borc bildim.
Bir vacib məsələni də burada səsləndirmək istəyirəm. Azərbaycanın quzeyindəki məsələlərlə bağlı burada zaman-zaman fikirlər səslənir, amma Azərbaycanın güneyində – İran adlanan ölkədə yaşayan soydaşlarımıza qarşı həyata keçirilən repressiyaya heç bir vaxt bu parlamentin tribunasından böyük həyəcanla münasibət bildirilmir. Doğrudur, bununla bağlı bəzi deputatlar, Müsavat deputat qrupu bir neçə dəfə fikirlərini bildiriblər, amma çox təəssüflər olsun ki, bu referendum keçirmək təklifini verən hakim partiyanın nümayəndələri o tayda yaşayan 40 milyondan artıq soydaşımızın taleyinə çox biganə yanaşırlar. Son dövrlərdə o taydakı soydaşlarımızın həbsinə, basqılara, tutuqlara, üç qardaşın – Qulamrza, Kərim və Səfər Əmanilərin müəmmalı şəkildə avtomobil qəzasına salınmasına və öldürülməsinə münasibət bildirilmir. Bu məsələnin “etalat” tərəfindən həyata keçirildiyini iddia edən jurnalist Şahnaz Qulami həbs olunub.
Bilirsiniz ki, Avropada, Amerikada – dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız onun müdafiə komitəsini yaradıblar və bu məsələdə dəstək istəyiblər. Mən hesab edirəm ki, biz də bu məsələyə öz etiraz səsimizi qaldırmalıyıq. Xatırlatmaq istəyirəm ki, bu məsələ ilə bağlı İsveçdə xarici işlər naziri və Amnet Kakabavi adlı xanım millət vəkili müraciət ediblər. Mən də Müsavat deputat qrupu adından bu basqıların, tutuqların dayandırılmasını tələb edir və bu məsələyə parlamentin münasibət bildirməsini təklif edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Qənirə Paşayeva.
Q. Paşayeva. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən bir qanuna dəyişikliklərin və əlavələrin edilməsini istəyərdim. Çox vacib bir qanundur. Söhbət 1993-cü ildə qəbul edilən “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanundan gedir. Yəni burada əsas problem nədir? Qanunda göstərlilir ki, kimlər şəhid ailələri hesab olunur. Ər-arvad, valideyn, 18 yaşına çatmayan övladlar. Burada, sadəcə, bir güzəşt var ki, orta və ali təhsil alarsa, bu status 23 yaşına qədər uzadılır.
İndi problem ortaya çıxıb. Problem ondan ibarətdir ki, 1991, 1992, 1993-cü illərdə – müharibənin qızğın vaxtlarında şəhid olan insanların 4, 5, 6 yaşında olan övladları bu gün dövlətin onlara verdiyi güzəştlərdən istifadə edə bilmirlər. Söhbət nədən gedir? Bu gün Azərbaycanın imkanları artır, şəhid ailələri üçün mənzillər, evlər tikilir. Amma bu gənc neçə yaşında mənzil növbəsinə dayana bilər? 18 yaşında mənzil növbəsinə düşə bilərlər, amma bu yaşda onların güzəştləri avtomatik ləğv olunur. Nəticədə hansı mənzərə ortaya çıxır? Mən bu məsələni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də bildirmişəm. Onlar da bunun tərəfdarı kimi çıxış edirlər.
Ailə var ki, şəhid xanımı 4 uşaqla qalıb. Uşaqların o zaman 5, 6, nə bilim, 7 yaşı olub. İndi hamısı 18 yaşı keçiblər, amma heç biri şəhid ailəsi statusuna malik deyil. Onlar mənzillə təmin olunanda, sadəcə, bir o xanım nəzərə alınır, o boyda ailənin problemləri həll olunmur. Amma o zaman kiminsə 1 yaşında bircə uşağı var idisə, o mənzil ala bilir. Ona görə ki, o, 18 yaşına çatmayıb. Artıq çox ciddi problemlər yaranır və məncə, biz qanunda dəyişiklik etməliyik və 18 yaşına çatmayan övladlar məsələsini çıxarmalıyıq ki, şəhid övladları ömürlük şəhid ailəsi statusundan yararlansınlar.
İkinci, ən vacibi, əgər şəhidin həyat yoldaşı rəhmətə gedərsə və uşaqların yaşı da 18-dən yuxarıdırsa, onlar, ümumiyyətlə, heç bir güzəştdən istifadə edə bilmirlər. Ona görə də xahiş edirəm, biz bu məsələyə ciddi şəkildə yanaşaq və 18 yaşına çatmayan övladlar məsələsini qanundan çıxaraq. Şəhidin övladları ömürlərinin axırınadək şəhid ailəsi statusuna malik olmalı və dövlətin bu gün yaratdığı imkanlardan istifadə etməlidirlər. Bu, onların ədalətli haqqıdır.
Sonda mən də Əli Əhmədovun qaldırdığı məsələni dəstəkləyirəm və düşünürəm ki, bu məsələnin müzakirəsinə ehtiyac var. Yaxın zamanlarda parlamentin bu məsələni müzakirə etməsi çox vacibdir. Sağ olun.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S. Novruzov. Təşəkkür edirəm, Oqtay müəllim. Qeyd elədiniz ki, gündəliklə bağlı danışın. Biz gündəliyə dəstək veririk. Amma gündəliyin ən əsas məsələsi, mən hesab edirəm, elə Əli müəllimin irəli sürdüyü təklif idi. Azərbaycan Respublikasının Konstitusiyasında və elə bizim Milli Məclisin iclas zalında da yuxarıda yazılıb ki, Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır. Əgər hakimiyyətin mənbəyi xalqdırsa və xalq öz strukturlarını seçirsə, formalaşdırırsa, xalqın seçiminə hansı maneə ola bilər? Məhz Konstitusiyadakı həmin o maddə xalqın seçiminin qarşısını almaq üçün qoyulan bir müddəadır. Mən hesab edirəm ki, bu müddəa götürülməlidir. Əgər bu, seçkili orqandırsa, seçici ilə həyata keçirilirsə, kimi isə xalq seçmək istəyirsə, bunun qarşısını almaq düzgün deyil. Dünyanın bir çox ölkələrində hökumətin və dövlətin başçısı baş nazir hesab olunur. Həmin baş nazir 8–10 dəfə seçilə bilir, amma nədən prezident iki dəfədən artıq seçilə bilmir? Əgər bunu xalq seçirsə, onda xalqın seçiminə hörmətlə yanaşmaq və onun seçki hüququnun həyata keçməsini təmin etmək lazımdır.
Mən hesab edirəm ki, biz bu məsələni bu ilin sonuna qədər parlamentdə müzakirə eləməliyik və öz qərarımızı verməliyik. Bu il Azərbaycan üçün çox uğurlu olubdur, Azərbaycanda azad, ədalətli, demokratik prezident seçkiləri keçirilibdir və Azərbaycan iqtisadi göstəricilərinə görə dünyada qabaqcıl yerdədir. Biz də öz düzəlişimizlə, atdığımız addımla bu məsələni bu il həll eləməliyik ki, növbəti ildə çox perspektiv şəkildə fəaliyyətimizi davam etdirə bilək.
Burada həmkarım Arzu Səmədbəyli eks-prezidentlərlə bağlı fikir söylədi və dedi ki, belə bir qanun qəbul olunarsa, cəmiyyətdə ab-hava bir az “sakitləşər”. Dünənki qarı çıxmaq şərti ilə cəmiyyətdə ab-hava çox stabildir, sabitdir, normaldır. Əgər o, qarı nəzərdə tuturdusa, qar yağdı, qurtardı və bununla da məsələ həll olundu. Kiminsə problemi varsa, bunu Azərbaycan cəmiyyətinin adına yazmaq lazım deyil. Təbii ki, eks-prezidentlər haqqında qanun layihəsi lazımdır. Amma bu qanun o eks-prezidentə tətbiq olunacaq ki, o, vəzifə səlahiyyətini, Azərbaycan xalqı qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmiş olsun. Ölkəni ağır vəziyyətdə qoyub qaçan və yaxud da cinayət törədib başqa ölkələrdə gizlənən, bu və ya digər şəkildə qanunu pozan insanlar nə işləyir-işləsin, istəyir, Roma Papası işləsin, ona hər hansı bir status nəzərdə tutulmur. Ona görə də mən hesab edirəm ki, əgər bu qərar qəbul olunacaqsa, qanuna salaq. Qanunun tələblərində də göstərilməlidir ki, bu kimə tətbiq olunmalıdır. Əgər kimsə düzgün, xalqına ləyaqətlə xidmət edibsə, tətbiq olunsun. Eləməyibsə, onu artıq müəyyənləşdirəcəklər. Hər bir həmkarımı buna səs verməyə...
Sədrlik edən. Sağ olun. Siyavuş müəllim, biz qanunu qəbul edəndə...
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Pənah bəy, xahiş edirəm, yerinizdən danışmayın.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Siyavuş müəllim, söhbət ondan gedir ki, qərar qəbul olunandan sonra bu məsələlər Konstitusiya Məhkəməsinə aiddir. Sabir Rüstəmxanlı buyursun.
S. Rüstəmxanlı. Hörmətli Sədr, hörmətli həmkarlar! Burada səslənən bir neçə fikrə münasibətimi bildirmək istəyirəm. Birinci, Arzu bəy dedi ki, burada güney məsələsi səslənməyib və biz güneydə yaşayan soydaşlarımızın taleyinə biganəyik. Mən bu fikirlə razıyam ki, Azərbaycanda qanunla xaricdə yaşayan soydaşlarımıza güzəştlər nəzərdə tutulub, amma təcrübədə o qətiyyən həyata keçirilmir. Bu məsələ ilə bağlı bu Milli Məclis fəaliyyətə başlayandan, deputat olan gündən bəri təxminən 18 ildir biz danışırıq. İndi Müsavat deputat qrupunun bunu mənimsəməsi çox haqsızlıqdır. Xahiş edirəm, öz həmkarlarının mövqeyinə və işinə bir az ehtiyatla yanaşsınlar. Keçən həftə Belçika Senatında və İsveç Parlamentində hər biri 4 saat olmaqla deputatlarla və senatorlarla görüşümüz olub və bu vaxt ərzində, əsasən, Qarabağ və güney məsələsi müzakirə olunub. Özü də bu görüşləri Milli Məclisin hesabına yox, başqa millət vəkillərindən fərqli olaraq öz məhdud imkanlarımızla təşkil eləmişik.
İkinci deyəcəyim məsələ seçki məhdudiyyətinin aradan qaldırılması ilə bağlıdır. Bilirsiniz, Prezident seçkisi bu il olub. Allah İlham Əliyevə can sağlığı versin, növbəti beş il hələ o, Prezident olacaq və yəqin ki, işini görəcək. Bu məsələnin tələm-tələsik ortaya atılmasında məqsəd nədir? Referendum əlavə bir işdir və əlavə bir xərcdir. 2010-cu ildə parlament seçkiləri olacaq, əgər lazım olsa, həmin il bu məsələ müzakirə oluna bilər. Referendumu bələdiyyə seçkisi səviyyəsinə endirmək olmaz. Parlament seçkisi səviyyəsində həm də referendum məsələsinə baxılar. Yarış keçirmək, kim bu sözü birinci deyəcək, kim Prezidentin xoşuna gələcək kimi xırda oyunlardan Milli Məclisi xilas etmək lazımdır.
Mən başqa bir məsələyə də fikrimi bildirmək istəyirəm. Mən istəyərdim ki, ilin sonunda biz bir məsələyə münasibətimizi bildirək. İl ərzində bu yarım saatda biz burada xeyli fikirlər səsləndirmişik. Bunlar hansı ünvana gedib çatıb, onların hansına cavab verilib? Biz gərək bunun hesabatını istəyək. Burada deyirik, burada da qalır.
Son olaraq, demək istəyirəm ki, bu günlərdə mənə çoxlu müraciətlər olub. Nizami rayonunda böyük bir yaşıllıq massivini qırırlar. Biri deyir, bunu icra başçısı qırır, digəri də deyir ki, filan nazir qırır. Vaxtilə qanunsuzluq olanda deyirdilər ki, dövlət adamlarının, vəzifə sahiblərinin bundan xəbəri yoxdur. Əgər xəbər tutsalar, bu adamları cəzalandıracaqlar. Amma indi bütün qanunsuzluqları dövlət məmurlarının adı ilə edirlər. Filan nazir, filan icra başçısı bu yaşıllığı mənimsəyirsə, deməli, onlara toxunmaq olmaz. Azərbaycan torpaqları, dağlarımız...
Sədrlik edən. Sağ olun, Sabir müəllim. Deməli, birinci, xahiş edirəm, hər hansı bir məsələ barədə deyəndə ünvanlı danışın. Elə-belə deyirsiniz. O məsələlərlə məşğul olurlar. Bilirsiniz, həmişə çıxış edəndə bir söz atırsınız. Deyirsiniz ki, səfərə getmişdik, amma bəziləri kimi Milli Məclisin hesabına yox. Bəyəm Siz Milli Məclisin hesabına heç hara getməmisiniz? Xahiş edirəm, bu sözləri deyəndə bir fikirləşin. Siz Milli Məclisin hesabına çox ezamiyyətlərə getmisiniz. “Milli Məclisin hesabına yox” sözləri bir az yaxşı çıxmır.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Siz deyirsiniz ki, getmişdik, özü də Milli Məclisin hesabına yox. Bir az düzgün söhbət deyil. Xahiş edirəm, əgər səhv deyirəmsə, deyin ki, səhv deyirsiniz.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Birincisi, Sizin çıxışlarınız məni əsəbiləşdirmir. İkincisi, Milli Məclisdən danışırsınız. Nə vaxt ezamiyyət olub, hər bir millət vəkili gedib. İndi bir millət vəkili dedi ki, getmişik, çox sağ olun. Deyirsiniz ki, getmisəm, amma Milli Məclisin hesabına yox. Lap yaxşı, çox gözəl, belə təşkilatlar var ki, onun hesabına gedirsiniz. Mübariz Qurbanlı buyursun.
M. Qurbanlı. Hörmətli Sədr, hörmətli deputatlar! Biz gündəliyə səs verdik, gündəlikdə olduqca aktual məsələlər vardır. Cari məsələlərlə bağlı da burada müxtəlif fikirlər səsləndirildi. Hörmətli Əli müəllim xalqın, cəmiyyətin istəyini ifadə edən bir təkliflə çıxış etdi. Qeyd edim ki, bu, cəmiyyətdən gələn bir təklifdir. Konstitusiya islahatlarının aparılması ilə bağlı müxtəlif vaxtlarda təkliflər səsləndirilibdir və hamıya da bəllidir ki, istənilən ölkədə konstitusiyalara zaman-zaman dəyişikliklər edilir. Konstitusiya ehkam deyil, fəaliyyət proqramıdır – dövlətin hüquqi əsasıdır.
Azərbaycan Respublikasının Konstitusiyası ümummilli liderimiz Heydər Əliyevin sədrliyi, birbaşa iştirakı və təşəbbüsü ilə 1995-ci ildə qəbul edilib. Biz yadda saxlamalıyıq ki, 1995-ci ildən ötən müddət ərzində Azərbaycan cəmiyyəti inkişaf edib, irəliyə gedib, biz beynəlxalq təşkilatlara üzv olmuşuq. Konstitusiya islahatı zərurəti yaranıbdır. Konstitusiyada Prezidentin səlahiyyətləri ilə bağlı məsələ gündəmdədir, cəmiyyətin irəli sürdüyü bir məsələdir. Təbii ki, bunun əleyhinə olan müəyyən dairələr vardır. Bu dairələr anlamalıdırlar ki, Azərbaycan cəmiyyəti özünün maraqlarına uyğun hərəkət edir və burada heç bir tələskənliyə yol verilmir, başqa problemlə əlaqədar bir məsələ ortaya atılmır. Bu, Azərbaycanın, dövlətimizin milli marağı ilə bağlı olan bir məsələdir. Ona görə də bu gün bu təklif ortadadır.
Digər təkliflər də vardır və onları xalq referendum yolu ilə müəyyən edəcəkdir. Bu təklifə Milli Məclis öz münasibətini bildirdikdən sonra, xalqın iradəsi ilə Konstitusiyada müəyyən dəyişikliklər ediləcəkdir. Bəri başdan bunun əleyhinə çıxanların müxtəlif hay-küy qaldırmalarının əsası yoxdur. Kimsə bunun əleyhinə olacaqsa, referendum zamanı öz münasibətini bildirə bilər. Mən hesab edirəm ki, biz komissiyada bu məsələyə baxmalıyıq və Milli Məclis məsələni müzakirəyə çıxarmalıdır. Hansı ölkədə, hansı siyasi sistemdə dövlət başçısı, hökumət necə formalaşıb, bu onların öz işidir. Dünyada olan dövlətlərin sayı qədər idarə sistemi var. Ona görə də Azərbaycan xalqının nə istəyi varsa, o da əsas qanunda öz əksini tapmalıdır. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Artıq 38 dəqiqədir ki, müzakirələr gedir. Mənə elə gəlir ki, gündəlikdəki məsələlərin müzakirəsinə başlamaq lazımdır. Xahiş edirəm, yekunlaşdıraq. Mən də hesab edirəm ki, bu məsələlərə baxmaq üçün bizim Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları daimi komissiyalarımız var. Konstitusiya dəyişiklikləri, yaxud təkmilləşdirmə barəsində sessiyalar ərzində bir çox təkliflər olmuşdur. Məsələn, millət vəkili Qüdrət Həsənquliyev Konstitusiya dəyişikliyi haqqında bir paket hazırlamışdı. İlyas İsmayılovun təklifləri var idi.
Gəlin, belə danışaq, bütün bu təkliflərin hamısını bu iki komissiyaya verək, baxsınlar və növbəti iclasda məruzə eləsinlər. Sonra baxarıq. Etiraz yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda xahiş edirəm, gündəliyə keçək.
Gündəliyin birinci məsələsi Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə yeni işçi qruplarının yaradılması, mövcud işçi qruplarının yenidən təşkil olunması və tərkibində dəyişikliklər edilməsi haqqındadır. Qərar layihəsi sizə paylanılıb. Qərar layihəsinə etiraz yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, qərar layihəsinə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 12.38 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi  1
İştirak edir  96
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya qanununda dəyişiklik edilməsi barədə qanun layihəsidir. Buyurun, Əli Hüseynov.
Ə. Hüseynov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri.
Çox sağ olun, hörmətli cənab Sədr. Cənab Prezident tərəfindən təqdim olunmuş qanun layihəsi barədə qısaca məlumat verim. Bildiyiniz kimi, son dövrlərdə biz şərti maliyyə vahidi anlayışını qanunvericilikdən çıxarırıq. Bunu bir çox qanunlardan çıxarmışıq. Yuvarlaq, dəqiq olsun deyə, əmək haqları manatla göstərilir.
Müvəkkilin əmək haqqı şərti maliyyə vahidinin 1200 mislinə bərabər idi. Təklif olunur ki, bu, manatla, – 1320 manat məbləğində, – dəqiq göstərilsin. Əslində, bu bizim Konstitusiyaya əlavə olunmuş qanunun dəqiqləşdirilməsinə xidmət edir. Amma diqqətə çatdırmaq istəyirəm ki, bu, Konstitusiya qanunudur və burada səs çoxluğu vacibdir. Ona görə həmkarlarımdan bu məsələyə diqqətlə səs verməyi xahiş edirəm. 6 aydan, təkrar səsvermədən sonra bu qanun qüvvəyə minəcəkdir. Çox sağ olun.
Sədrlik edən. Başqa əlavələr yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 12.40 dəq.)
Lehinə 106
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 107
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Böyük Vətən müharibəsinin əlil və iştirakçılarının, eləcə də onlara bərabər tutulan şəxslərin güzəştli gediş-gəliş hüquqlarının qarşılıqlı tanınması haqqında” 12 mart 1993-cü il tarixli Sazişə dəyişiklik və əlavələr edilməsi haqqındadır. Hadi Rəcəbli buyursun.
H. Rəcəbli, Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədri.
Hörmətli cənab Sədr, hörmətli deputat həmkarlarım! Aşqabad şəhərində MDB dövlət başçıları Şurasının noyabr ayının 22-də keçirilmiş iclasında “Böyük Vətən müharibəsinin əlil və iştirakçılarının, eləcə də onlara bərabər tutulan şəxslərin güzəştli gediş-gəliş hüquqlarının qarşılıqlı tanınması haqqında” 1993-cü il 12 mart tarixli Sazişə qismən dəyişikliklər edilib. Bunlar, mütərəqqi dəyişikliklərdir. Bu dəyişikliklərə səs verməklə biz ilbəil azalan bu insanların məişət şəraitinin yaxşılaşmasına kömək etmiş olarıq. Xahiş edirəm, bu sənədə səs verəsiniz.
Sədrlik edən. Astan müəllim, buyurun.
A. Şahverdiyev. Çox sağ olun, Oqtay müəllim. Burada 12 ölkədən 4-nün konkret olaraq imzası yoxdur. MDB beynəlxalq təşkilatdır, adətən, burada qərarlar çox vaxt konsensus əsasında qəbul olunur. Burada o gözlənilməyib?
İkinci, mətnin axırında, imzadan əvvəl yazılıb ki, “audentik surətidir”. Burada “t” hərfinin əvəzinə “d” hərfi olmalıdır. Mətndə səhv gedib, o da nəzərə alınmalıdır. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri  (saat 12.43 dəq.)
Lehinə  100
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  1
İştirak edir  101
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti və Özbəkistan Respublikası Hökuməti arasında humanitar sahədə əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədədir. Nizami Cəfərov buyursun.
N. Cəfərov, Milli Məclisin Mədəniyyət məsələləri daimi komissiyasının sədri.
Hörmətli Sədr, hörmətli millət vəkilləri! Bu ilin sentyabr ayında Azərbaycan Respublikası Hökuməti və Özbəkistan Respublikası Hökuməti arasında belə bir saziş imzalanıb. Bu Sazişdə nəzərdə tutulur ki, mədəniyyət və incəsənət, elm və təhsil, gənclər və idman sahələrində hökumətlər arasında əlaqələr genişləndirilsin. Ümumiyyətlə, mədəniyyət və incəsənət sahəsinə, kitabxanalara, qarşılıqlı kitab mübadiləsindən başlamış ta sərgilərin keçirilməsinə qədər məsələlərə daha çox diqqət ayrılır. Yəni ən müxtəlif sahələrdə – ədəbiyyat, rəssamlıq, musiqi sahəsində tərəflərin geniş əməkdaşlıq eləməsi və hökumətin də bunu dəstəkləməsi nəzərdə tutulur. Çünki bu sahələr, adətən, fərdi yaradıcılıq işləri ilə bağlıdır və hökumət də bunu ciddi şəkildə dəstəkləyir. Biz də təklif edirik ki, bu sənədə səs verəsiniz.
Sədrlik edən. Sağ olun. Əli Məsimli çıxış etmək istəyir, buyursun.
Ə. Məsimli. Çox sağ olun, cənab Sədr. Hörmətli sədarət, hörmətli millət vəkilləri, xanımlar və cənablar! Təkcə indi təqdim olunan yox, Azərbaycan Respublikası və Özbəkistan Respublikası ilə bağlı gündəlikdə olan digər sazişlər də çox mühüm əhəmiyyət kəsb edir. Bu kontekstdə qeyd edə bilərəm ki, son dövrlərdə Xəzər dənizi və Qara dəniz hövzəsinin əhəmiyyəti getdikcə artır. Azərbaycanın Orta Asiya ölkələri ilə əməkdaşlığının genişlənməsi Azərbaycanın bütövlükdə XXI əsrin enerji siyasətinə korrektələr verməsi nöqteyi-nəzərindən gücünü artıracaq.
İkinci bir məqamı da qeyd etmək istəyərdim, BMT-də səsvermə zamanı Özbəkistanın mövqeyi təqdir olundu. Bu istiqamətdə də Özbəkistanla əlaqələri genişləndirmək lazımdır.
Üçüncü, Özbəkistanda kifayət qədər azərbaycanlı yaşayır. Azərbaycan–Özbəkistan münasibətlərinin genişləndirilməsi həm xalqlarımız arasında əlaqələrin genişlənməsində, həm də orada yaşayan azərbaycanlıların mövqeyinin möhkəmlənməsində mühüm rol oynayacaq. Bu, çox mühüm əhəmiyyət kəsb edir. Bir konteksti də qeyd etmək istəyirəm ki, MDB məkanında, yaxud postsovet məkanında olan ölkələrlə əməkdaşlığımız nə qədər geniş olsa, nə qədər dərinləşsə, bu istiqamətdə mövcud potensialdan nə qədər çox istifadə etsək, bu, Azərbaycanın xeyrinədir.
Oqtay müəllim, əgər etiraz etmirsinizsə, bu günlərdə həyata keçmiş səfərlə bağlı bir haşiyə də çıxmaq istərdim. Mən Estoniya səfərini nəzərdə tuturam. İlk növbədə qeyd etmək istəyirəm ki, bu, çox yüksək səviyyəli bir səfər idi. Baltikyanı ölkələr – Latviya, Litva, Estoniya parlamentləri sədrləri səviyyəsində, xarici işlər nazirləri səviyyəsində təşkil olunmuş tədbir idi. Orada Mərkəzi Avropa və Şimali Avropa ölkələri yüksək səviyyədə təqdim olunurdu. Mən belə bir səfərin mənə həvalə olunması ilə əlaqədar Sizə təşəkkür edirəm.
Orada bir neçə istiqamətdə işlər görüldü. Birinci, enerji təhlükəsizliyi ilə bağlı konfransda bizə söz verildi və hesab edirəm ki, Azərbaycanın mövqeyi ilə, həm Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi, həm də Avropa qonşuluq siyasəti istiqamətində görəcəyimiz işlərlə bağlı xeyli dərəcədə maraqlı fikir mübadiləsi oldu. Sonrakı danışıqlar da göstərdi ki, “Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu” mövzusunda etdiyim məruzə kifayət qədər təsir göstərib.
İkinci, Baltikyanı ölkələrin Parlament Assambleyası ilə GUAM-ın Parlament Assambleyası arasında bir görüş oldu. Bu görüşdə həm informasiya mübadiləsi, həm də son maliyyə böhranı ilə bağlı məsələlər müzakirə olundu.
Xoş haldır, bunu tam səmimiyyətlə deyirəm. Mənim həmişə misal çəkdiyim Baltikyanı ölkələrdə maliyyə böhranı ilə bağlı – həm inflyasiyanın 13 faizdən 20 faizə qalxması, həm də əsas bankın “oturması” ilə əlaqədar xeyli dərəcədə problemlər əmələ gəlib. Bir az da zarafatyana Azərbaycanın da problem təhər profisitindən danışırdıq. Təəccüb edirdilər. Doğrudan da, Azərbaycanın maliyyə böhranının birinci dalğasına duruş gətirməsi xeyli dərəcədə xoş haldır.
Eyni zamanda, onu da qeyd etmək istəyirəm ki, Baltikyanı ölkələrin Parlament Assambleyası ilə GUAM-ın münasibətlərinin genişlənməsinə böyük həvəs var. Müzakirələr zamanı humanitar sahədən başlamış bütün sahələrdə, enerji sahəsində əməkdaşlığın genişləndirilməsi söylənildi. Bir də, Oqtay müəllim, parlamentlərarası əməkdaşlıq məsələsi xüsusi vurğulandı. Estoniya parlamenti sədrinin çıxış zamanı “salam” sözündən istifadə etməsi həm Azərbaycana olan yüksək münasibətin, həm də Azərbaycan rəhbərliyinə, xüsusən Sizə olan yüksək münasibətin bariz nümunəsi idi. Hesab edirəm ki, bunu inkişaf etdirmək lazımdır. Bizim bir təklifimiz də orada yaxşı qarşılandı. Bu da ondan ibarətdir ki, GUAM-da Baltikyanı ölkələrin Parlament Assambleyasının müşahidəçi statusu ilə iştirakı, həm də GUAM-ın orada müşahidəçi statusu ilə iştirakı məsələsi yaxşı qarşılandı. Onlar bizim keçirdiyimiz tədbirlərdə həvəslə iştirak etmək istəyirlər. Bir daha, həmin tədbirin həyata keçirilməsinə və oradakı məruzəni mənə həvalə etdiyinizə görə sizə təşəkkür edirəm. Hesab edirəm ki, bu, Azərbaycanın xeyrinə olan çox uğurlu bir səfər oldu. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 12.50 dəq.)
Lehinə 99
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  2
İştirak edir  101
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ Azərbaycan Respublikası Hökuməti və Özbəkistan Respublikası Hökuməti arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlığın inkişafı üzrə gələcək tədbirlər haqqında” Sazişin təsdiq edilməsi barədədir. Buyurun, Ziyad Səmədzadə.
Z. Səmədzadə, Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Adı çəkilən Sazişin əsas məqsədi hər iki tərəf arasında iqtisadi və texniki əlaqələrin genişləndirilməsini təşviq etməkdir. Razılığa gələn tərəflər öz aralarında iqtisadi və texniki əlaqələrin inkişaf etdirilməsi və gücləndirilməsi üçün qanunvericiliklərinə ən əlverişli rejim və şərtlər tətbiq edəcəklər.
Hörmətli millət vəkilləri, hörmətli cənab Sədr! Həmin sazişdə əməkdaşlığın inkişafı ilə əlaqədar olaraq beynəlxalq standartlara müvafiq şərtlər göstərilmişdir. Millət vəkillərindən xahiş edərdim ki, sazişə müsbət münasibət bildirsinlər.
Sədrlik edən. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 12.52 dəq.)
Lehinə  94
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  2
İştirak edir  96
Nəticə: qəbul edildi

Sağ olun, qəbul edildi.
Növbəti saziş “Azərbaycan Respublikası Hökuməti və Özbəkistan Respublikası Hökuməti arasında vergi sahəsində əməkdaşlıq və məlumat mübadiləsi haqqındadır”. Ziyad Səmədzadə, buyurun.
Z. Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Azərbaycan ilə Özbəkistan arasında iqtisadi əməkdaşlıq genişlənir və bu əməkdaşlıq özünü həm əmtəə dövriyyəsinin artmasında və həm də digər sahələrdə göstərir. Bu əməkdaşlığın gələcəkdə daha sürətlə inkişaf etməsi üçün sazişdə vergi sahəsində əməkdaşlıq və məlumat mübadiləsi haqqında müddəalar nəzərdə tutulur. Bu sazişin qəbul edilməsi gələcəkdə ölkələrimiz arasında əməkdaşlığın daha da inkişafına öz müsbət təsirini göstərəcəkdir. Millət vəkillərindən bu sazişə müsbət münasibət bildirmələrini xahiş edirəm. Sağ olun.
Sədrlik edən. Xahiş edirəm, sazişə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri  (saat 12.53 dəq.)
Lehinə  96
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  2
İştirak edir  98
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti və Özbəkistan Respublikası Hökuməti arasında məxfi informasiyanın qarşılıqlı mühafizəsi haqqında” Sazişin təsdiq edilməsi barədədir. Əli Hüseynov, buyurun.
Ə. Hüseynov. Çox sağ olun, cənab Sədr. Hörmətli həmkarlarım, bu saziş Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında əməkdaşlıq zamanı həyata keçirilən məxfi informasiyanın mühafizəsinin təmin olunması məqsədini güdür. Millət vəkillərindən bu sazişə səs verməyi xahiş edirəm. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 12.54 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 3
İştirak edir 98
Nəticə: qəbul edildi

Sağ olun, qəbul edildi.
Növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti və Özbəkistan Respublikası Hökuməti arasında dəmir yolu nəqliyyatı sahəsində əməkdaşlığın genişləndirilməsi üzrə tədbirlər və kombinə edilmiş daşımaların inkişafı haqqında” Sazişin təsdiq edilməsi barədədir. Ziyad Səmədzadə, buyurun.
Z. Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bu Saziş Azərbaycan və Özbəkistan dövlətləri arasında dəmiryol nəqliyyatının iş şəraitinin və təhlükəsizliyinin təminatı, hər iki dövlətin qanunvericiliyinə və beynəlxalq hüquq normalarına uyğun öz ərazilərindən hər iki tərəfə və tranzitlə üçüncü ölkəyə yük və sərnişin daşımalarının maneəsiz həyata keçirilməsi üçün müvafiq şərtləri nəzərdə tutur. Millət vəkillərindən bu qanun layihəsinə də müsbət münasibət bildirmələrini xahiş edərdim. Sağ olun.
Sədrlik edən. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri  (saat 12.56 dəq.)
Lehinə  89
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  1
İştirak edir  90
Nəticə: qəbul edildi

Sağ olun, qəbul edildi.
Növbəti məsələ “Azərbaycan Respublikası və Niderland Krallığı arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiyanın və ona dair Protokolun təsdiq edilməsi haqqında” qanun layihəsidir. Ziyad Səmədzadə, buyurun.
Z. Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! İkiqat vergitutma ölkələr arasında iqtisadi münasibətlərin inkişafına, şəxslərin, kapitalın, malların və texnologiyaların axınına mənfi təsir edən ciddi amillərdən biridir. Konvensiyanın əsas məqsədi Azərbaycanın və Niderland Krallığının hüquqi və ya fiziki şəxslərinə münasibətdə ikiqat vergitutmanın, yəni eyni gəlirə görə həm Azərbaycanda, həm də Niderland Krallığında oxşar vergilərin tutulmasının aradan qaldırılmasıdır. Sazişin digər məqsədi Niderland Krallığının Azərbaycanda və ya əksinə, Azərbaycanın orada fəaliyyət göstərən və fəaliyyət göstərmək istəyən vergi ödəyiciləri üçün vergitutmanın ümumi prinsiplərinin təminatının verilməsidir. Millət vəkillərindən bu qanun layihəsinə müsbət münasibət bildirmələrini xahiş edərdim. Sağ olun.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri  (saat 12.57 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 95
Nəticə: qəbul edildi

Sağ olun, qəbul edildi.
Növbəti məsələ “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişikliklər edilməsi barədə qanun layihəsidir. Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının sədri Valeh Ələsgərova söz verilir.
V. Ələsgərov, Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının sədri.
Təşəkkür edirəm, cənab Sədr. Hörmətli deputatlar, xanımlar və cənablar! Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirə və təsdiq edilmək üçün Milli Məclisə təqdim edilmişdir.
Təklif edilən əlavə və dəyişiklik nədən ibarətdir? “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikası Qanununun “Müalicə-sağlamlaşdırma yerləri və kurortlar” adlanan 39-cu maddəsinin birinci hissəsində “müalicəvi palçıqlar” ifadəsindən sonra “müalicəvi Naftalan nefti” sözlərinin əlavə edilməsi təklif edilir. Bunun da səbəbi aydındır. Həmin maddənin yerlər sadalanan 3-cü hissəsindən “bölgə” sözünün çıxarılması təklif edilir.
Beləliklə, müvafiq hissələrdə müalicəvi resursların sırasına mineral sular, müalicəvi palçıqlar, şor göllər, müalicəvi iqlim və sair ilə bərabər, “müalicəvi Naftalan nefti” də əlavə edilir. Bu maddənin üçüncü hissəsindən isə “bölgə” sözü çıxarılır və aşağıdakı şəkildə qəbul edilməsi təklif olunur: “Müalicə-sağlamlaşdırma yerləri və kurortlar beynəlxalq, respublika və yerli əhəmiyyətli ola bilər”. Əminəm ki, burada elə bir problem yoxdur, qanun layihəsini səs verib qəbul edəcəyik. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Cəmil Həsənli.
C. Həsənli. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli millət vəkilləri, mənə belə gəlir ki, bu düzəliş çox vacibdir, bunu qəbul etmək lazımdır. Təbii müalicə yeri kimi Naftalanın şöhrətini özünə qaytarmaq lazımdır. Əgər bu düzəliş qəbul olunarsa, Naftalan müalicə müəssisəsinin bərpasında və inkişafında mühüm rol oynayacaq. Oqtay müəllim, mən böyük məmnuniyyətlə bu əlavə və dəyişikliyə səs verəcəyəm.
Bir halda ki xüsusi mühafizə olunan təbiət əraziləri məsələsi gündəliyə gəlib, icazə verin, bir-iki məsələ barədə fikrimi bildirim. Valeh müəllim, bunu Sizdən də xahiş edirəm. Doğrudan da, şəhərimizdə ekoloji cəhətdən müəyyən problemlər var. Azərbaycanda yaşıllıqların məhv edilməsi çox təhlükəli xarakter alıb. Bu gün bu məsələni burada deputat Sabir Rüstəmxanlı da qaldırdı. Mən Nizami rayonundan deputat seçilmişəm. Rayonda çox acınacaqlı bir vəziyyət yaranıb. Vaxtilə ümummilli lider Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə burada 11 hektar şam bağı salınıbdır. Bu, şəhərin ekoloji vəziyyəti nəzərə alınaraq salınıb. 30–40 illik bir bağdır. Rayonun əhalisi buradan istifadə edir.
2008-ci ilin iyul ayında Bakı Şəhər İcra Hakimiyyəti sərəncamla bu ərazini bir firmaya verib. Həmin firma orada 110 kottec tikməlidir. Bu da o vaxt həyata keçə bilər ki, Oqtay müəllim, buradakı ağaclar kütləvi şəkildə qırılsın. Bağda 6 min şam ağacı var. Bu günə qədər onun mini qırılıb. Xahiş edirəm, Siz öz nüfuzunuzdan istifadə edin və mən də bu tribunadan respublikanın rəhbərlərinə müraciət edirəm. Bu cür münasibət olmaz. Bu, xüsusi şəkildə qorunan yaşıllıq ərazisidir. Rayonun icra başçısının və yaxud Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə bu əraziləri məhv etmək olmaz. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri gedib vəziyyətlə tanış olublar və qərar veriblər ki, bunu etmək olmaz.
Ümumiyyətlə, Nizami rayonunda bu, kütləvi hal alıb. Ötən həftə “Orbita” mağazası ilə üzbəüz olan bağla bağlı seçicilər mənə müraciət etdilər. Mən nazirliklə əlaqə saxladım, onlar kütləvi şəkildə ağac qırılmasının qarşısını aldılar. Mən ümid edirəm ki, Siz bu məsələyə müdaxilə edəcəksiniz. Bunu kim edə bilər? Ancaq yüksək vəzifə tutan adamlar, yaxud da yüksək vəzifəlilərin himayə etdikləri müxtəlif firma və şirkətlər bunu edə bilərlər. Xahiş edirəm, bunun qarşısının alınmasında köməklik edəsiniz. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Pənah Hüseyn.
P. Hüseyn. Təşəkkür edirəm, möhtərəm Sədr. Mənim də bu dəyişikliyə heç bir etirazım yoxdur və qəbul olunmalıdır. Mən fürsətdən istifadə edərək bir məsələni qaldırmaq istəyirəm. Vaxtı gəlib çatıb ki, Kür və Araz çaylarının birləşdiyi yer xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri sırasına daxil edilsin. Çünki bu, istər coğrafi, istərsə də təbiət hadisəsi cəhətdən bütün region üçün xüsusi əhəmiyyətə malikdir. Türkiyədən, İrandan bura xeyli insan gəlir. Onlar Kür və Arazın, yəni böyük tarixi əhəmiyyətə malik olan çayların, bir az da xalqların inancları, mədəniyyətləri üçün əhəmiyyətli olan iki çayın birləşdiyi yeri görmək istəyirlər. Mən də bir neçə qonağı ora aparmışam. Amma ora mühafizə olunmayan bir vəziyyətdədir. Torpağımıza, vətənimizə, ümumiyyətlə, suya olan inancla bağlı inamlarımıza, mədəniyyətimizə uyğun gəlməyən bir hal müşahidə olunur. Mən çox istərdim ki, Kür və Araz çaylarının birləşdiyi ərazi Azərbaycanda xüsusi qorunan təbiət əraziləri sıyahısına salınsın və müvafiq tədbirlər görülsün. Doğrudur, Aran rayonunun özünün müəyyən özəllikləri var. Sərin deyil, yayda da çox isti olur. Amma sizi inandırıram ki, ora Azərbaycanda ən görməli və tariximiz, mədəniyyətimiz üçün mühüm olan ərazilərdən biridir.
Cəmil müəllimin və Sabir müəllimin dedikləri məsələyə mən də qoşuluram. Bu problem Bakının bütün rayonlarında var. Bu adamlar ağacların düşməni deyil. Biz bəzən vəzifəli şəxsləri belə qələmə veririk ki, onlar ağacların düşmənidir, park, yaşıllıq istəmirlər. Mən güman etmirəm ki, belə olsun. Mən burada bəzi yoldaşlarla dəqiqləşdirdim, deyilən ərazinin hər faizinin qiyməti təxminən 60 min manatdır. On hektar ərazi çox böyük puldur. Bu adamların gözünü bağlayan, hətta onları qanunu da tapdalamağa vadar edən bu nəhəng puldur. Biz dəfələrlə, tez-tez bu sözü təkrar edirik, bu qədər böyük pulun qabağında duran yeganə qüvvə ümumi siyasi qərar ola bilər. Bu, məsuliyyətdir. Belə bir qərarın ortalığa qoyulması vacibdir. İndi Azərbaycanda qanundan da, məhkəmədən də üstün olan bir iradə var. O da dövlət başçısının iradəsidir. Mənə elə gəlir ki, bu halların qarşısının alınması üçün rəsmi, ya da qeyri-rəsmi şəkildə belə bir göstərişin verilməsi çox ciddi bir zərurət kimi qarşımızda durmaqdadır. Mən də həmkarlarımı bu məsələdə müdafiə edirəm. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Nizami Xudiyev.
N. Xudiyev. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən bu qanun layihəsini diqqətlə oxudum. Burada yazılır ki, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikası Qanununun 39-cu maddəsinin birinci hissəsində mötərizədə “müalicəvi palçıqlar” sözlərindən sonra “müalicəvi Naftalan nefti” sözləri əlavə edilsin və həmin maddənin üçüncü hissəsindən “bölgə” sözü çıxarılsın. Burada yazılıb: “Müalicə-sağlamlaşdırma yerləri və kurortlar beynəlxalq, respublika, bölgə və yerli əhəmiyyətli ola bilər”. “Bölgə” sözü çıxarılırsa, “yerli” sözü də çıxarılmalıdır. “Bölgə” “yerli”dən bir balaca geniş anlayışdır. Onun üçün də burada təkcə “bölgə” sözü çıxarılır, “yerli” sözü qalır. “Yerli” sözü qalırsa, elə bölgə də yerli deməkdir. Mənim belə bir təklifim var: əgər “bölgə” sözü çıxarılırsa, onda “yerli” sözü də çıxarılmalıdır, yaxud hər ikisi qalmalıdır. Çünki bunlar mahiyyət etibarilə bir-birini tamamlayan sözlərdir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Hesab edirəm ki, “yerli” “bölgə”dən daha böyük anlayışdır. Qalması məsləhətdir. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 13.09 dəq.)
Lehinə 97
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 99
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Gündəlikdəki 11-ci məsələ Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqındadır. Buyurun, Əli Hüseynov.
Ə. Hüseynov. Çox sağ olun, cənab Sədr. Seçki Məcəlləsinə təklif olunan əlavələr və dəyişikliklər mahiyyət etibarilə Seçki Məcəlləsinin pozulmasına görə məsuliyyətin artırılmasını və bir sıra hallarda isə məsuliyyətin müəyyənləşdirilməsini nəzərdə tutur. Qısaca olaraq qeyd etmək istəyirəm ki, seçkilərin gedişinə qanunsuz müdaxiləyə yol verilməməsi ilə bağlı Seçki Məcəlləsinin müvafiq maddəsi mövcuddur. Burada müdaxiləni nəzərdə tutan hərəkətlər, əməllər qeyd olunub. Bu hərəkətlərə seçkinin nəticələrinə təsir məqsədi ilə vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi də əlavə olunmuşdur. Yeri gəlmişkən qeyd edim ki, İnsan hüquqları daimi komissiyasının üzvü hörmətli İlyas müəllim bir təklif vermişdi. Vəzifə səlahiyyətlərindən sui-istifadə edilməməsi ilə bağlı bu təklifi bir qanunvericilik təşəbbüsü subyektinin diqqətinə çatdırmışıq.
“Seçkiqabağı təşviqat aparılarkən sui-istifadə hallarına yol verilməməsi” maddəsi də mövcuddur. Bildiyiniz kimi, bu tələblər pozulduqda müvafiq seçki komissiyası məhkəməyə müraciət etməlidir. Belə bir səlahiyyəti var. Bura həm də hüquq mühafizə orqanlarına müraciət etmək səlahiyyəti də əlavə olunur. Eyni zamanda, qeyd olunur ki, seçki komissiyasının özü də təqsirli şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görə bilər.
Digər bir dəyişiklik 113-cü maddəyədir. Qeydə alınmış namizədin qeydə alınmasından imtina edilməsi ilə bağlı faktlar müəyyənləşdirilərkən “bu haqda əvvəlcə edilmiş xəbərdarlıq nəzərə alınmadıqda” sözlərinin çıxarılmasıdır. Bu, texniki bir düzəlişdir.
“Vətəndaşların seçki hüquqlarının pozulmasına görə məsuliyyət” maddəsinə bir sıra əlavələr olunmuşdur. “Seçkinin (referendumun) nəticələrinə təsir məqsədi ilə vəzifə səlahiyyətlərindən sui-istifadə edənlər”, “seçkilərdə iştirak etdiyi müddətdə xidməti vəzifələrinin icrasını dayandırmayan dövlət və ya bələdiyyə xidmətində olan qeydə alınmış namizədlər”, “seçki imzalarının toplanmasında iştirak edən hüquqi şəxslər, dövlət və bələdiyyə orqanlarının, qurumların və təşkilatların vəzifəli şəxsləri” də bu maddəyə əlavə olunmuşdur ki, bu pozuntulara görə onlar məsuliyyət daşıya bilərlər.
Nəhayət, bilirsiniz ki, “Seçki komissiyaları tərəfindən cərimələrin təsdiq edilməsi” maddəsinə görə komissiyalar İnzibati Xətalar Məcəlləsinə əsasən inzibati xəta protokolu tərtib etmək səlahiyyətinə malik idi. Amma bunun nəticəsi olmalıdır və cərimənin tətbiq edilməsi üçün komissiyalara məhkəməyə müraciət etmək hüququ da verilir və dəqiqləşdirilir. Buna görə də maddənin adı “Seçki komissiyaları tərəfindən cərimənin tətbiq edilməsi” kimi deyil, məhz, “Cərimələrin tətbiq edilməsi” kimi verilməlidir. Nə üçün? Çünki artıq cərimənin tətbiq edilməsi məhkəmə qərarı ilə həyata keçiriləcək və bu, seçki komissiyası ilə məhdudlaşmamalıdır. Ona görə də maddənin adından “seçki komissiyası” sözləri çıxarılır.
Hesab edirəm ki, əlavə və dəyişikliklər kiçik olsa da, mahiyyət baxımından əhəmiyyətlidir. Çünki bütövlükdə Seçki Məcəlləsinin tətbiqinə görə məsuliyyəti dəqiqləşdirir. Bütövlükdə bu əlavə və dəyişiklik seçki qanunvericiliyinin təkmilləşdirilməsinə, seçkilərin daha dəqiq həyata keçirilməsinə xidmət edir. Həmkarlarımdan bu layihəyə səs verməyi xahiş edirəm. Sağ olun.

Azərbaycan  Respublikası  Milli  Məclisi  Sədrinin
birinci  müavini  Z. Əsgərov  sədrlik  edir

Sədrlik edən. Sağ olun. Müzakirəyə başlayırıq. Pənah Hüseyn.
P. Hüseyn. Çox təşəkkür edirəm, Ziyafət müəllim. Mən hüquqi biliyinə və sənədləri təqdimat mədəniyyətinə görə çox hörmət etdiyim hörmətli Əli müəllimin söylədiyi “bunlar, sadəcə, texniki dəyişikliklərdir” fikri ilə razılaşmıram. Xüsusilə 113-cü maddə ilə bağlı Əli müəllim bu fikirləri bildirdi. Bu, qətiyyən texniki xarakterli dəyişiklik deyil. Bu, faktiki olaraq hakimiyyətin seçki komissiyalarını, hüquq mühafizə orqanlarını və məhkəmələri inhisarda saxladığı bir şəraitdə olduqca mürtəce, təyinatlı və xüsusi olaraq planlaşdırılmış bir dəyişiklikdir.
Mən həmin dəyişikliyi sizin diqqətinizə çatdırıram. 113-cü maddəyə diqqət verin. Namizədləri qeydə almaqdan imtina edilməsi qüvvədə olan maddəyə görə əvvəllər edilmiş xəbərdarlıq nəzərə alınmadıqda həyata keçirilirdi. Hazırda isə əvvəlcədən hər hansı bir xəbərdarlıq edilmədən namizədin, işçi qrupunun, referendum təşviqat qrupunun ləğvi məsələsi bu maddəyə əlavə edilir. Aydın məsələdir ki, bu, hakimiyyətin opponentlərinə qarşı əl-qolunu xeyli dərəcədə açır. Biz bu halı, sadəcə, nəzəri, abstrakt bir məsələ kimi qeyd etmirik. Məsələn, mən 2000-ci ildə qeydə alınmamış namizədəm. Sonra, 2005-ci ildə namizədliyi qeydə alınmış, çox ciddi nüfuza malik 62-yə yaxın şəxs haqqında şikayətlər oldu. Həmin şikayətlərin bir hissəsi hazırda Avropa Məhkəməsinin gündəmindədir və sair. O baxımdan da hesab edirəm ki, bu, mahiyyətinə görə antidemokratik və hakimiyyətin opponentlərinin hüquqlarının inzibati resurslardan istifadə olunmaqla pozulmasına yönəlmiş bir dəyişiklikdir.
Şübhəsiz ki, bu, demokratik bir addım kimi qəbul edilə bilməz. 88.7-ci maddəyə edilən dəyişiklik də eyni xarakterlidir. Bu maddənin fəlsəfəsinə aid olan mahiyyət xarakterli bir dəyişiklikdir. Çünki hamımız bilirik ki, hər halda seçki münasibətlərinin, dövlət orqanları və namizədlər, onların hüquqlarını müdafiə edən şəxslər və orqanlar, siyasi partiyalar arasındakı mübahisələrin yalnız məhkəmə yolu ilə tənzimlənməsi çox ciddi bir hüquqi mexanizm idi. Bu məhkəmənin Azərbaycandakı real, faktiki vəziyyətinə baxmayaraq, hər halda müəyyən prosedurların, müdafiə imkanlarının mövcud olması ictimaiyyətin bu məsələləri nəzarət altında saxlaması üçün müəyyən imkanlar yaradırdı. İndi hüquq mühafizə orqanlarına müraciətin bu maddəyə salınması, mənim fikrimcə, çox ciddi planlardan xəbər verir.
Bu, praktikada faktiki olaraq Azərbaycanda seçkinin demokratikliyinin və xüsusən də hakimiyyət opponentlərinin seçkidə iştirakının daha da əngəllənməsinə yönəldilmiş ciddi bir məsələ olacaqdır. Diqqət edirsinizsə, hətta hüquq mühafizə orqanları məhkəmələrdən də əvvələ keçirilir və “hüquq mühafizə orqanlarına və ya məhkəmələrə müraciət etməlidir” kimi müddəa bu qanunda əksini tapır. Müzakirə olunan digər maddələrin, yəni vəzifə səlahiyyətindən istifadə olunaraq, seçki prosesində sui-istifadə hallarına yol verilməsi məsələlərinin qəbul oluna bilinməsini mümkün sayıram.
Hörmətli deputatlar, bilirsiniz ki, Seçki Məcəlləsi siyasi, ciddi qanunlardan biridir. Şübhəsiz ki, Seçki Məcəlləsinə zaman-zaman dəyişikliklərin edilməsi olduqca vacibdir. Müsavat deputat qrupu və ayrı-ayrı müxalifət partiyaları tərəfindən Milli Məclisə müəyyən əlavə və dəyişikliklər haqqında sənədlər təqdim edilmişdir. Şübhəsiz ki, bu məsələdə qeyd etdiyiniz cəhətlərin nəzərə alınması hər halda ictimaiyyətin diqqətindən yayınmayacaqdır. Bu, son dövrdə indiki hakimiyyətin seçki və bütövlükdə demokratiya məsələsində apardığı kursun növbəti bir həlqəsi kimi görünür. Əgər bu, sadəcə, bir epizod olsaydı, bəlkə də biz bu məsələnin üzərində o qədər geniş şəkildə dayanmazdıq. Bu il ərzində Seçki Məcəlləsinə, fikrimizcə, çox ciddi antidemokratik, mürtəce xarakterli dəyişikliklər edilib, indi də bu proses davam etdirilir. Belə bir hal bizim hörmətli həmkarlarımızın cari məsələlərin müzakirəsi zamanı söylədiyi fikirlərin, niyyətlərin heç də xoş mərama xidmət eləmədiyi haqqındakı təsəvvürləri möhkəmləndirir.
Mən sonda bir neçə məsələni də burada qeyd etmək istəyirəm. Bu, sonuncu iclaslarımızdan biridir, deyəsən, bir iclas qalıb. Sonra, ümumiyyətlə, iclas olacaq-olmayacaq, məlum deyil.
Sədrlik edən. Pənah bəy, iclaslar olacaq, darıxmayın.
P. Hüseyn. Yekunlaşdırıram, Ziyafət müəllim. Hörmətli Sədr burada yoxdur. Keçən il Təhsil haqqında qanun axırıncı iclasa salındı. O zaman hörmətli Sədr bildirmişdi ki, Təhsil haqqında qanunun ikinci oxunuşu geniş bir şəkildə, xüsusi olaraq hamının fikirlərini söyləyəcəyi bir formada keçiriləcək. Bizdə olan məlumata görə yenə Təhsil haqqında qanunun ikinci oxunuşda müzakirəsi axırıncı iclasa salınıb. Onun başdansovdu qəbulu barədə planlar var. Səhvdirsə, mən üzr istəyirəm, amma hər halda bizə belə məlumatlar gəlib çatmışdır. Xahiş edirik ki, bu məsələ əvvəlcədən nəzərə alınsın.
İkincisi, dünən Fövqəladə Hallar Nazirliyinin bayramı idi. Orada cəmiyyətin, dövlətin mövqeyinə işləyən xeyli şəxslər var. Mən yeri gəlmişkən, onları təbrik edirəm. Diqqəti həm də ona yönəldirəm ki, Sabirabad şəhərinin Pambıq qəsəbəsində, həqiqətən, fövqəladə vəziyyət yaranıb. Orada bir neçə bina uçmuşdu və bəzi vətəndaşlar xəsarət almışdı. Fövqəladə Hallar Nazirliyinin komissiyası da orada olub. Mən xahiş edirəm ki, vəziyyətin düzəldilməsi üçün qəsəbədəki ikimərtəbəli yaşayış binalarında nəzərdə tutulan tədbirlər mümkün qədər təcili surətdə həyata keçirilsin. Təşəkkür edirəm.
Sədrlik edən. İqbal Ağazadə, buyurun.
İ. Ağazadə. Çox sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Mən də hesab edirəm ki, Seçki Məcəlləsinə əlavə və dəyişikliklər cəmiyyət üçün həmişə aktual olub, çünki Azərbaycan vətəndaşları cəmiyyətin demokratikləşməsinin yollarından birini də demokratik Seçki Məcəlləsinin, həmçinin siyasi təşkilatların mənafeyini ifadə edən bir qanun layihəsinin qəbul edilməsində görür. Təəssüflər olsun ki, Seçki Məcəlləsinə edilən dəyişikliklər bütövlükdə Azərbaycan cəmiyyətinin mənafelərini müdafiə etmir və yaxud dolayı yolla ayrı-ayrı qrupların mənafeyini müdafiə edir. Bu gün də 113-cü maddədə edilən əlavə və dəyişikliklər mahiyyət etibarilə seçkilərdə iştirak edən siyasi partiyaların, siyasi təşkilatların qeydiyyatının xəbərdarlıq edilmədən ləğv olunması məsələsini daha asanlaşdırır və hakimiyyətə, hakim partiyaya imkan yaradır ki, rəqib olacaq siyasi partiyaları asanlıqla gündəmdən çıxarsın və ya seçki prosesindən uzaqlaşdırsın. Məsələn, belə alınır ki, hər hansı bir məsələ ilə bağlı növbəti dəfə xəbərdarlıq eləmədən namizədin qeydiyyatı da ləğv oluna bilər.
Hesab edirəm ki, bu tipli məsələlərdə biz seçki şəraitini ağırlaşdıran variantları yox, iştirakı asanlaşdıran variantları qəbul etməliyik. Ümumiyyətlə, Seçki Məcəlləsinə edilən əlavə və dəyişikliklər sırasında Azərbaycan cəmiyyətinin tələb etdiyi bir sıra məqamlar var. Məsələn, keçən dəfə Məcəlləyə əlavə və dəyişikliklər ediləndə mən təklif etdim ki, gözlə görünən mürəkkəbdən istifadə olunması cəmiyyət üçün çox aktualdır. Hesab edirəm ki, Azərbaycan cəmiyyətinin heç bir təbəqəsi, heç bir vətəndaşı həmin mürəkkəbdən istifadə olunmasının əleyhinə olmaz. Orada artıq şərhə, mübahisələrə, yaxud mikroskopla baxmağa elə bir ehtiyac yoxdur. Vətəndaş açıq-aydın barmağını göstərir ki, mən seçkidə iştirak etmişəm, yaxud etməmişəm. Bu variantlardan istifadə olunması daha məqbuldur.
Mənim üçün ciddi olan, həm son seçkilərdə, həm də bundan əvvəlki seçkilərdə praktik olaraq Azərbaycan cəmiyyətinin gələcəyini müəyyən edən bir hadisə olduğu üçün vətəndaşların seçkilərdə iştirakının, seçicilərin hüququ kimi yox, onların vəzifəsi kimi müəyyənləşdirilməsinin, onların üzərinə vəzifə kimi qoyulmasının tərəfdarıyam. Yeri gəlmişkən, qeyd edim ki, bir sıra Avropa ölkələrində bu hüquq vəzifə ilə əvəz olunur. Məsələn, Belçikada vətəndaşların seçkidə iştirak etməsi vəzifə kimi qoyulur, iştirak etmədikdə cinayət məsuliyyətinə cəlb olunur. Türkiyədə də vəzifə kimi qoyulur, qonşu İranda da vətəndaşların üzərinə seçkidə iştirak etmək vəzifə kimi qoyulub. Mən hesab edirəm ki, Azərbaycanda da bu proseslərin hamısını yeni bir məcraya, normal bir məcraya yönəltmək üçün seçicilərin seçkidə iştirakı onlara hüquq kimi verilməklə yanaşı, həm də onların üzərinə vəzifə kimi qoyulmalıdır ki, vətəndaşlar seçkidə fəal iştirak etsinlər, mövqelərini ifadə edə bilsinlər.
Məncə, ən aktual məsələlərdən biri də seçki komissiyalarının formalaşdırılmasıdır. Mən keçən dövr ərzində seçki komissiyalarının formalaşdırılması prosesindən narazı qalan partiya rəhbərlərindən biri kimi qeyd edim ki, bu gün tətbiq olunan format doğru deyil. Bu gün tətbiq olunan format mahiyyət etibarilə nə parlamentin, nə də siyasi partiyaların palitrasını özündə əks etdirir. Ona görə də tərəflərin etimad göstərdiyi demokratik seçki istəyiriksə, demokratik Azərbaycan cəmiyyəti qurmaq istəyiriksə, tərəflərin etimad göstərdiyi komissiya yaradılmalıdır. Mən hesab edirəm ki, bununla bağlı Azərbaycan Milli Məclisi növbəti dövrlərdə Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi üçün məhz saydığım bu təkliflərə münasibətini bildirməlidir.
Eyni zamanda, sessiyanın əvvəlində cari məsələlərin müzakirəsində deputat həmkarlarımız Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi ilə bağlı referendum keçirilməsi məsələsini irəli sürdülər. Mən təəssüf edirəm ki, həmin təklifi əsaslandırarkən o qədər bəsit arqumentlərdən istifadə etdilər ki, heç deyiləsi deyil. Məsələn, deyirlər, heç kim Azərbaycan xalqının hüquqlarını məhdudlaşdıra bilməz ki, o öz prezidentini iki dəfə seçsin, üç dəfə yox. Onda sual edirəm, bəs Azərbaycan vətəndaşlarının hüquqlarını niyə məhdudlaşdırıb məhdudiyyət 35 yaşdan qoyulur? Tutaq ki, Azərbaycan xalqı bu gün Şah İsmayıl Xətai kimi 13 yaşlı, yaxud 25 yaşlı prezident seçmək istəyir. Habelə 21 yaşlı bələdiyyə üzvü yox, 8 yaşlı bələdiyyə üzvü seçmək istəyir. Yəni demokratik cəmiyyət quruculuğunda məhdudiyyətlər ona görə qoyulur ki, həmin məhdudiyyətlər hesabına cəmiyyəti daha da demokratikləşdirmək mümkün olsun, cəmiyyətdə demokratik əsasları fundamental şəkildə oturtmaq üçün şərait yaradılsın. Yoxsa bu əsaslar ona görə deyil ki, tutaq ki, xalqın və ya seçicinin hüquqlarının tapdalanması istiqamətində istifadə olunsun.
Dünya demokratik idarəetmə formasını uzun illər tətbiq eləyir. Azərbaycan bu dövrə yeni qədəm qoyub və problemlərin həllindən danışanda biz həmişə deyirik ki, bizi qosqoca Amerika ilə, qosqoca Avropa ölkələri ilə müqayisə etməyin. Görün, neçə illərin dövlətidir, idarəetmə təcrübələri var. İşlər çətinə düşəndə onlar qosqoca olur, işlər sizə sərf eləyən formaya düşəndə deyirsiniz ki, biz niyə öz hüquqlarımızdan istifadə etmirik, onlardan öyrənməliyik?
Bəli, demokratik idarəetmədə onlardan öyrənməliyik. Bəli, uzun illərin təcrübəsi göstərir ki, demokratik idarəetmənin əsas şərtlərindən biri də məhz cəmiyyətdə müəyyən məhdudiyyətlərin qoyulmasıdır və həmin məhdudiyyətlər hesabına, rəqabət hesabına cəmiyyət inkişafa çata bilsin. Bəyənmədiyimiz, daim imperiya xiffəti ilə yaşayan Rusiya belə həmin formanın başqa yolunu tapdı, nəinki köhnə formadan istifadə etdi. Təbii, mən onun Azərbaycana tətbiq olunmasının tərəfdarı deyiləm. Amma hər halda ənənəni pozmadı, qəbul etmədiyimiz Ermənistan, özümüzdən çox-çox aşağı baxdığımız Ermənistan fərqli bir modelə keçdi, yəni köhnə modelin imitasiyası ilə məşğul olmadı. Köçəryan da çox cavan idi, davam etdirə bilərdi.
Hesab edirəm ki, bu cür məsələlərdə Azərbaycana daha geniş baxmaq lazımdır. Azərbaycanın perspektivini ayrı-ayrı məsələlərin qanunlar vasitəsilə məhdudlaşdırılmasında yox, Azərbaycanın dünyaya daha çox açılmasında axtarmaq lazımdır. Azərbaycan bu cür qanun dəyişikliklərinə getdikcə daha çox üzvü olduğu Avropa Şurasının, qonşuluq siyasəti çərçivəsində müqavilə bağladığı Avropa Birliyinin siyasətinin davamçısı yox, daha çox Şərq ölkələrinə oxşayacaq. Çox sağ olun.

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir

Sədrlik edən. Çox sağ olun. Əvvəl Pənah bəy dedi ki, Sədr burada yoxdur, yəqin, sözü yarımçıq qaldı, təhsil qanunundan narahat oldu. Təhsil haqqında qanun layihəsi bizim gündəliyimizdədir. İclasın əvvəli var, axırı var. Əgər müzakirələr qurtarmasa, gələn ilə keçirərik. Ürəyinizdə çox söz varsa, Elm və təhsil məsələləri daimi komissiyası var, komissiyada iştirak edin. Nə vaxt iclas olar, o vaxt danışarıq.
Qəzetlər yazırlar ki, Təhsil haqqında qanun layihəsi yenə qaldı, yenə gələn ilə keçdi. Təhsil haqqında qanun layihəsinin müzakirəsi başlayanda başqa məsələyə keçirik. Ona görə də Təhsil haqqında qanun layihəsinin yeri deyil. Kim iştirak eləmək istəyirsə, buyursun, iştirak eləsin. Siyavuş Novruzov, buyurun.
S. Novruzov. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Ümumiyyətlə, qanun layihəsi çox aktualdır, qanun layihəsinə səs verəcəyik. Lakin qanun layihəsinə keçməzdən qabaq bir neçə məsələ qaldırıldı. Onlara fikrimi bildirmək istəyirəm. Doğrudan da, burada bəsit düşünənlər yox, bəsit danışanlar çox oldu. Biz bu məsələni günün birinci yarısında qaldırdıq. Doğrudan da, arqumentləşdirilmiş, bütün xalqın arzusu və istəyi olan bir məsələdir.
Hüquq elmində hüquqi məhdudiyyətlə fiziki məhdudiyyət tamam başqa şeylərdir. Hüquq elmindən xəbəri olanlar bunu bilir. Fiziki məhdudiyyət yaşla bağlı ola bilər, fiziki məhdudiyyət müddətlərlə bağlı ola bilər. Amma hüquqi məhdudiyyət tamam başqa şeydir. Bizim qaldırdığımız məsələ hüquqi məhdudiyyətdən irəli gəlir ki, hüquqların pozulması aradan qaldırılsın. Mən həmin yoldaşlara onu da deyə bilərəm ki, “Sərbəst toplaşma azadlığı haqqında” Qanunun müzakirəsində müəyyən müddəalar qoyulanda hər birinin səsi bu zalı götürmüşdü. Nə oldu? İndi bu məsələ ortaya çıxanda hansısa hüquq elmindən nəsə sitat gətirməyə çalışırlar. Onu da bacarmırlar.
Ona görə hesab edirəm ki, günün birinci hissəsində hər bir millət vəkili çox dəqiq və düzgün olaraq bu məsələni arqumentləşdirdi, xalqın iradəsinə istinad edərək bu addımları atdı, bu fikirləri söylədi. Onda götürək ki, parlament niyə 5 ilə seçilir, gərək 28 il olsun. İnsanın yetkinlik yaşı var, müəyyən yetkinlik yaşından yuxarı yaş həddi var. Hamıya bəllidir ki, neçə yaşından işləyə bilər, nə vaxt ali təhsil ala bilər. Onda ikinci sinif şagirdini aparaq qoyaq, universitetdə təhsil alsın. Belə yanaşmalarla fikirlərimizi arqumentləşdiririksə, burada heç bir məntiqə rast gəlmək mümkün deyil. Hesab edirəm ki, bunlar məsələyə aid olmayan fikirlərdir.
Qanunla əlaqədar fikrimi söyləmək istəyirəm. Bu qanun layihəsini düzgün oxuyub, dərk eləyib, anlayışını müəyyənləşdirməyiblər, ya da qanundan, ümumiyyətlə, xəbərləri yoxdur. Azərbaycan müxalifəti, onların bir neçə havadarı, yaxud irqindən, milliyyətindən asılı olmayaraq, başqa-başqa qüvvələrə xidmət edən hüquq-müdafiə təşkilatları bar-bar bağırırlar ki, seçkiyə müdaxilə var. Seçkiyə icra başçısı tərəfindən müdaxilə olunurdu. Mənim hörmətli həmkarım Pənah bəy dəfələrlə deyirdi ki, müdaxilə olundu və sair. İndi qanunlar çıxarılır ki, seçkiyə müdaxilənin qarşısını almaq üçün cinayət məsuliyyəti müəyyənləşsin. Əvvəl cərimə nəzərdə tutulurdu. Yəni ağırlaşdırılır ki, seçkiyə müdaxilə olmaz. 11-ci maddəni diqqətlə oxusanız, görərsiniz ki, vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Konkret burada yazılıb. Amma əvvəlcədən müəyyən dərəcədə bu məhdudiyyətlər cərimələrlə və yaxud ayrı-ayrı işlərlə həyata keçirilirdi. Bu, məsələnin birinci tərəfi. Məsələnin ikinci tərəfi 8-ci maddə ilə bağlı deyilən fikirlərlə əlaqədardır. Burada yazılır ki, hüquq mühafizə orqanları və ya məhkəmələr. Həsən keçəl, yaxud keçəl Həsən. Məhkəməni qabağa keçirək, hüquq mühafizə orqanları onun arxasınca gəlir. Söhbət nədən gedir? Bu onu daha da ağırlaşdırır. Yəni əvvəl təkcə məhkəməyə müraciət etmək olardı, indi digər hüquq mühafizə orqanlarına da müraciət etmək olar. Mən 2003-cü ilin Prezident seçkilərindən misal göstərə bilərəm. Seçkiqabağı təbliğat vaxtı Azərbaycan televiziyasında Azərbaycan Xalq Cəbhəsinin nümayəndəsi başqa prezidentliyə namizədin başına stəkan vurdu. Burada hüquqi qanun pozuntusu yarandı. Bu zaman müəyyən orqana müraciət olunmalı idi, məhkəmə gəlib orada araşdırma işi aparmalı idi. Ona görə də qanunda göstərilir ki, digər hüquq mühafizə orqanlarına məhkəmə sanksiya verirsə, digər hüquq mühafizə orqanları da bu məsələni araşdırmalıdır, lazımi ölçü götürməlidir.
Pənah Hüseyn 113-cü maddədən danışdı. 113-cü maddədə nə göstərilir? Göstərilir ki, seçkidən əvvəl təbliğat-təşviqat kampaniyası apar. Yəni artıq bu, müəyyən olunub. Bundan sonra nə xəbərdarlıq verilsin? Artıq bu, müəyyənləşdirilib. Ona görə də həmin ikinci hissə qüvvədən düşmüş müddəadır. Təbii ki, Seçki Məcəlləsində müəyyən dəyişikliklərə ehtiyac var. Bunu o insanlar deyə bilər ki, Seçki Məcəlləsinin nəzəriyyəsi ilə, seçki praktikası ilə bilavasitə məşğuldur. Seçicilərin işinin yaxşı olması üçün, seçki prosesinin yaxşı keçməsi üçün Seçki Məcəlləsinə bizim düzəlişlərimiz var.
Burada bir fikir də səsləndi ki, guya Seçki Məcəlləsinə edilən dəyişikliklər mürtəcedir və seçicilərin hüququnu pozmaq üçündür. Belə bir fikir söylədilər. Əksinə, bütün dəyişikliklər Avropa Şurası tərəfindən, Venesiya Komissiyası tərəfindən, habelə ayrı-ayrı beynəlxalq təşkilatlar tərəfindən razılaşdırılmışdır. Ona görə hesab edirəm ki, bu düzəlişlər Seçki Məcəlləsinin möhkəmləndirilməsinə, seçki hüquqlarının qorunmasına, vətəndaşların seçki hüququnun qorunmasına, o cümlədən seçkiyə olan müdaxilənin qarşısının alınmasına xidmət edir.
Şikayətlərə baxılması ilə əlaqədar bir məsələni də xüsusi qeyd etmək istəyirəm. Dəfələrlə şahidi olmuşuq ki, Azərbaycanda beş mindən artıq seçki məntəqələri var. Seçki prosesində təkcə namizədin qeydiyyata alınıb-alınmamasından söhbət getmir. Seçki prosesi uzun prosesdir. Namizədin irəli sürülməsindən başlamış imza toplanmasınadək, sonra təbliğat-təşviqat kampaniyası, seçki günü və seçki günündən sonrakı hadisələr. Ola bilər ki, bu proses ərzində kifayət qədər vətəndaşın şikayəti olsun. Məntəqə üzvündən şikayəti ola bilər, ayrı bir vətəndaşdan şikayəti ola bilər. Yaranan yerli komissiyalar bu şikayətlərin araşdırılmasının operativliyini təmin etməkdən ötrüdür. Dərhal, operativ şəkildə bu məsələlər həll olunmalıdır ki, seçicinin hüququ pozulmasın. Tutaq ki, səsvermə günüdür, qanun pozuntusu baş verib. Bunu müəyyənləşdirmək üçün 3 ay vaxt lazım deyil. O, dərhal araşdırılmalıdır ki, səsvermənin nəticələrinə təsir göstərməsin. Ona görə də mən deputat həmkarlarımı bu qanun layihəsinə səs verməyə çağırıram. Çox düzgün qanun layihəsidir, dolğun qanun layihəsidir. Bunu başqa yerə yozmaq lazım deyil, bu, seçkiyə olan müdaxilənin qarşısını almağa xidmət edir.
İkincisi, burada bir fikir də səsləndi. Azərbaycanda həmişə azad, ədalətli, demokratik seçkilər keçirilib. Demokratik seçki olmasa idi, yoldaşlar burada gəlib oturmazdılar. Hər biri qanun haqqında danışır, həmin demokratiyanın nümunəsidir ki, bu insanların hər biri seçilib. Heç kəsin hüququ məhdudlaşdırılmayıb və məhdudlaşdırıla da bilməz. Hər şey qanun çərçivəsində həyata keçirilib. Ona görə də qanunlar haqqında belə sözlər danışmaq, hər dəfə Seçki Məcəlləsi ilə bağlı özlərinin mətbuatda hansısa fikirlərini səsləndirmək yersizdir, yerində olmayan məsələdir, Seçki Məcəlləsi də Azərbaycanda azad, demokratik seçki keçirilməsi üçün lazım olan bir sənəddir və bu sənədə olan əlavə və dəyişikliklərə də dəstək verirəm və deputat həmkarlarımı buna səs verməyə çağırıram.
Sədrlik edən. Çox sağ olun. Hörmətli millət vəkilləri, günün birinci yarısında müzakirələrdə məhdudiyyətlərin aradan götürülməsi barədə Əli müəllim təklif verdi. Biz iki komissiyaya tapşırdıq. Bu komissiyanın üzvləri arasında Müsavat qrupundan da, o biri müxalifətdən də nümayəndələr var. Komissiyada müzakirə olunacaq və komissiya öz qərarını deyəcək. Ona görə bu məsələni təzədən təkrarlamağa lüzum görmürəm.
O ki qaldı Seçki Məcəlləsinə, bu yaxınlarda seçkilər keçirildi, hamımız şahidi olduq ki, Milli Məclis tərəfindən Seçki Məcəlləsinə edilmiş dəyişikliklər Avropa Şurasında, Avropa Parlamentində, ATƏT-də çox yüksək qiymətləndirildi. Gərək Səməd Seyidova imkan yaradaq, bu barədə danışsın. Keçən ay Parisdə Avropa Şurası Parlament Assambleyasının iclaslarında Azərbaycan haqqında məsələ yox idi, komitədə Azərbaycanda keçirilən seçkilər barədə söhbət qalxdı, Azərbaycanda keçirilən seçkilərdə iştirak eləyən parlamentarilər çıxış elədilər və Azərbaycanda keçirilən seçkilərə çox yüksək qiymət verildi. Hətta Avropa Şurası Parlament Assambleyasının sədri De Puç çıxış edib dedi ki, Azərbaycanda keçirilən Prezident seçkiləri xalqın iradəsini nümayiş etdirdi, xalq öz seçimini elədi, seçkilər beynəlxalq standartlara cavab verdi, ona görə bu seçkilərin yanvar sessiyasında müzakirə olunmasına ehtiyac yoxdur. Yəni bu məsələlər hamımızın gözü qarşısında olan məsələlərdir. Bu məsələni xırdalamaq nəyə lazımdır? Yazılanlardan təkid edən var? Arzu Səmədbəyli, buyurun.
A. Səmədbəyli. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Oqtay müəllim, indi Siz və Sədr müavinləri yuxarıda oturmusunuz. Amma bizim bəzi millət vəkilləri, o cümlədən məndən öncə çıxış edən Siyavuş Novruzov sanki bütün çıxışların hamısını ümumiləşdirib parlament rəhbəri kimi mütləq cavab verməyi özünə borc sayır. Hesab edirəm ki, başqalarının fikrinə hörmətlə yanaşmamaq və özünü hamıdan ağıllı hesab etmək heç də kamillik sayıla bilməz. Əgər Azərbaycanda siz deyən kimi, normal, demokratik seçki olsaydı, Azərbaycanın milli dəyərlərinə qiymət verməyən bir adam heç vaxt gəlib parlamentdə əyləşə bilməzdi və belə dərslər verə bilməzdi. Təbii ki, Sizin dediyiniz hakimiyyətin mövqeyidir, biz isə müxalifətin mövqeyini deyirik.
Son 15 ildə Azərbaycandakı bütün seçkilər qeyri-demokratik olub, qeyri-azad olub, saxta seçkilər olub. Bununla bağlı biz seçkidən əvvəl də, seçkidən sonra da öz münasibətlərimizi bildiririk və bu münasibətlər dəyişməyib. Bu gün də həmin fikrimizdə qalırıq. Mən burada Seçki Məcəlləsinə edilən əlavə və dəyişikliklərlə bağlı şərhləri eşitdim. Mən bu təklifləri sıradan bir təklif hesab edirəm. Hesab edirəm ki, Azərbaycanda vəziyyətin düzəlməsi üçün, Azərbaycanda normal, demokratik, hüquqi dövlətin yaranması üçün münasibət dəyişməlidir, iradə dəyişməlidir, siyasi iradə olmalıdır. “Biz demokratik ölkəyik” deməklə, bu parlamentdə, yaxud televiziyalarda çıxışlarla Azərbaycan demokratik ölkə olmur. Demokratik dünyaya baxın və Azərbaycanın həmin dünyadakı yerinə baxın. Siz hesab etməyin ki, hansısa beynəlxalq təşkilatda Azərbaycanın adının pisliyə çəkilməsi bizi sevindirir. Əksinə, biz buna çox təəssüflənirik və hesab edirik ki, bu belə olmamalıdır və Azərbaycanı bu qayda ilə, bu yanaşma ilə heç də demokratik bir ölkəyə çevirə bilməyəcəyik. Çünki bu yanaşma, bu münasibət dəyişməlidir.
Seçki Məcəlləsinə indi təklif olunan dəyişikliklər, əslində, qarşıdan gələn seçkilərdə hakimiyyətin opponentlərinə qarşı qurduğu bir tələdir və növbəti mürtəce dəyişikliklərdir. Hesab edirik ki, təkcə bizim verdiyimiz təkliflər yox, ümumiyyətlə, Azərbaycan ictimaiyyətinin mövqeyi nəzərə alınmalıdır. Mərkəzi Seçki Komissiyası başda olmaqla indiyə qədər bu seçkiləri saxtalaşdıran bütün komissiyalar dəyişməlidir. Məntəqə seçki komissiyasından Mərkəzi Seçki Komissiyasına qədər xalqın etimadını qazanan seçki komissiyaları formalaşmalıdır. Xalqın seçkilərə inamı dəyişməlidir, xalqın etimad göstərdiyi hakimiyyət formalaşmalıdır.
Bundan əvvəl qanun layihəsi müzakirə olunurdu ki, ağacları kəsirlər. O ağacları kim kəsdirir? Əksəriyyəti icra orqanlarının nümayəndələridir. Həmin qanunları qorumalı olan, qəbul etdiyi qanunların yerinə yetirilməsinə nəzarət mexanizmini həyata keçirməyə borclu olan millət vəkilləri gedib, sadəcə, kənardan etirazını bildirməklə öz borcunu yerinə yetirir. Çünki müdaxilə imkanı yoxdur. Çünki həmin pullar çox böyük işlər görür və bizim qəbul etdiyimiz qanunlar, – biz çox normal qanunlar da qəbul edirik, – çox təəssüflər olsun ki, yerlərdə işləmir. İcra orqanının nümayəndələri bu qanunları vecinə almırlar.
Mən Seçki Məcəlləsinə edilən əlavə və dəyişikliklərlə hakimiyyətin qarşıdan gələn seçkiləri də demokratik keçirmək fikrində olmadığı qənaətinə gəlmişəm. Hesab edirəm ki, bundan çəkinmək lazımdır. Biz də seçki qanununa əlavə və dəyişikliklərlə bağlı təklif vermişik. Burada digər həmkarlarımız da öz təkliflərini səsləndirdilər və biz bu qanun layihəsinin əleyhinə səs verəcəyik. Sağ olun.
Sədrlik edən. Arzu müəllim, necə olur ki, Siz xalqın adından danışa bilirsiniz, Siz cəmiyyətsiniz, amma burada oturan o biriləri cəmiyyət deyil, xalqın adından danışa bilməzlər? Siyavuşun müəllimlik etməsini qəbul edirsən, yaxud etmirsən, bilmirəm, amma özün hamıya müəllimlik edirsən. İndi özünüzü ayırmaq lazım deyil. Sən də parlament üzvüsən, deputatsan, biz də deputatıq. Hərənin öz fikri var, öz fikrini deyir. Heç kimi təhqir etmək olmaz. Ona görə də hər sözdən söz çıxardanın biri də elə özünüzsünüz. Burada rəhbərlik oturub. Mən hiss edirəm, axır vaxtlar, deyəsən, bu rəhbərliyin yerinə gözü düşən çoxdur. İşlə məşğul olun. Hamınız millət vəkillərisiniz. İndi onu müəllim qəbul etmirsən, öz işindir, amma burada hamıya dərs keçməyin düzgün deyil.
Başqa sualı olan yoxdursa, xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 13.44 dəq.)
Lehinə 94
Əleyhinə 5
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 101
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi barədədir. Əli Hüseynov, buyurun.
Ə. Hüseynov. Çox sağ olun, cənab Sədr. Bildiyimiz kimi, İnzibati Xətalar Məcəlləsinin 223-cü maddəsində qrant alan hüquqi şəxslər tərəfindən qrant alınması haqqında müqavilələrin və qərarların surətlərinin qeydiyyat üçün qanunvericilikdə müəyyən edilmiş müddətlərdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə məsuliyyət nəzərdə tutulub və bu məsuliyyət 20 manatdan 50 manatadək cərimədir. Amma bildiyiniz kimi, son dövrlər biz İnzibati Xətalar Məcəlləsinin sanksiyalar hissəsinə çoxlu sayda düzəlişlər edirik.
Bu düzəlişlər, təbii ki, törədilən xətaya mütənasib cərimələrin nəzərdə tutulmasından ibarətdir. Bu baxımdan İnzibati Xətalar Məcəlləsinə cənab Prezident tərəfindən təqdim olunmuş dəyişiklik bu maddənin sanksiyasına təklif olunan dəyişiklikdir və təklif olunur ki, cərimənin miqdarı 1000 manatdan 2500 manatadək miqdarda müəyyənləşdirilsin. Hesab edirəm ki, İnzibati Xətalar Məcəlləsinin digər maddələrinə uyğun olaraq, xətalara görə nəzərdə tutulan cərimələrin mütənasibliyi burada da nəzərə alınır və millət vəkillərindən bu düzəlişə səs verməyi xahiş edirəm.
Sədrlik edən. Çox sağ olun. Növbəti məsələ də İnzibati Xətalar Məcəlləsinə əlavələr edilməsi ilə bağlıdır. Əgər etiraz etmirsinizsə, Əli müəllim məruzə etsin, sonra bir yerdə müzakirə edib, ayrı-ayrı səsə qoyarıq. Əli müəllim, buyurun.
Ə. Hüseynov. Çox sağ olun, cənab Sədr. İkinci düzəliş bir qədər texniki xarakter daşıyır. Söhbət rayon məhkəmələrinə aid olan məsələlərin sadalanmasında iki maddənin əlavə olunmasından gedir. Bunlar 253-1-ci (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə) və 326-3-cü maddələrdir. İnzibati xətalarla bağlı işlərdə hansı maddələrin məhz rayon məhkəmələrinə aid olmasını müəyyənləşdirən iki texniki əlavədir. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Elmira Axundova, buyurun.
E. Axundova. Çox sağ olun, cənab Sədr. Mən də fürsətdən istifadə edib hörmətli Sədr Oqtay Əsədova Moskvaya ezamiyyətə getməyimə, Rusiya Dövlət Kitabxanasında Heydər Əliyevin anma mərasimində iştirak etməyimə şərait yaratdığına görə dərin minnətdarlığımı bildirmək istərdim. Çox sağ olun, Oqtay müəllim. O ki qaldı İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsinə, mənə elə gəlir ki, təklif olunan məbləğ həddindən artıq böyükdür. Birdən-birə 20 manatdan 1000 manatadək və 50 manatdan isə 2500 manatadək cərimə təyin edilməsi məqsədəuyğun deyil.
Bu cür radikal dəyişikliklər məqsədəuyğun deyil. Nəzərə alaq ki, bu qrantları alan, əsasən, qeyri-hökumət təşkilatlarıdır. Onlar da biznesmen deyil, elə də böyük gəlir əldə etmirlər və qrantların məbləği də, əsasən, 2, 3, 4 min manat arasında olur. Deməli, bu cür cərimələr az qala qrantın həcminə bərabər ola bilər. Mən hələ demirəm ki, ikinci tərəf özü tez-tez qanunu pozur. Həmin müvafiq icra hakimiyyəti orqanı çox vaxt qrant alan təşkilatlara qrantların verilməsini aylarla, illərlə gecikdirir və buna görə də heç bir məsuliyyət daşımır, ya da simvolik məsuliyyət daşıyır. Ona görə də biz bu məsələyə də baxaq və bu prosesi ikitərəfli edək. Ona görə də mən çox xahiş edirəm, təklif edirəm ki, bu cərimələrin miqdarına bir də baxaq və onları, heç olmasa, 100 dəfə yox, 10 dəfə artıraq. Məsələn, 20 manatdırsa, 200 manat edək, 50 manatdırsa, 500 manat edək. Çünki mənə elə gəlir ki, bu çox böyük bir cərimədir. Çox sağ olun.
Sədrlik edən. Cərimə böyüyür, amma elə elementar məsələdir ki, bunu pozmaq lazım deyil. Yəni pozmasın, cərimə də verməsin. Bundan başqa cür istifadə edənlər də var. Pozur, çünki cəriməsi aşağıdır. Bilə-bilə pozurlar, onun qabağını almaq üçün bu cür cərimələr tətbiq olunur. Azay Quliyev, buyurun.
A. Quliyev. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri! Əgər Siz etiraz etmirsinizsə, mən əsas məsələyə keçməzdən öncə bir neçə başqa məsələyə toxunmaq istəyirəm. Çünki gündəlik müzakirə olunanda mənim imkanım olmadı. Amma istəyirəm, bir dəqiqə vaxtınızı alım. Bilirsiniz ki, biz yay sessiyasında Könüllü fəaliyyət haqqında qanun layihəsini iki oxunuşda müzakirə etdik və üçüncü oxunuş payız sessiyasının gündəliyinə salınıb. Mən çox xahiş edərdim ki, hörmətli cənab Sədr, biz payız sessiyasında bu qanun layihəsinin üçüncü oxunuşda qəbulunu həyata keçirək.
İkincisi, burada referendumla bağlı təkliflər oldu. Cənab Sədr, mən Sizin təklifi tam dəstəkləyirəm ki, müvafiq komissiyaya bu barədə təkliflər daxil olsun. Kimin hansı fikri varsa, onu sərbəst şəkildə bildirsin. Mən isə bildirmək istəyirəm ki, həqiqətən də, burada mənim həmkarlarım, xüsusilə hörmətli Əli Əhmədov tərəfindən qaldırılan təklif, sözsüz, kifayət qədər məntiqlidir. Bu məhdudiyyətin, yəni bir şəxsin iki dəfədən çox seçilməməklə bağlı məhdudiyyətin aradan qaldırılması vaxtında müzakirəyə çıxarılıb. Bu həm də ictimai sifarişdir.
Yeri gəlmişkən, Konstitusiyaya ediləcək dəyişikliklərlə bağlı mən bir məsələni də bildirmək istəyirəm. Bu da bizim dövlət rəmzlərinə olan münasibətlərimizlə bağlıdır. Bilirsiniz ki, bir çox hallarda həm yerli vətəndaşlar, həm də əcnəbilər bizim dövlət rəmzlərimizə kifayət qədər hörmət nümayiş etdirmirlər. Düzdür, Konstitusiyada bununla bağlı müddəa var ki, hər bir kəs bu rəmzlərə hörmət etməlidir. Amma konkret məsuliyyət yoxdur. Bu məsuliyyət də yalnız Konstitusiya və qanunlarla qoyula bilər. Əgər dövlət rəmzləri bizim üçün dövlət atributları sırasındadırsa, məhz bu məsuliyyəti də biz Konstitusiya səviyyəsində qoymalıyıq və hər bir şəxs bu rəmzlərə hörmət etməlidir. Ona görə də mən yazılı şəkildə hər iki təklifi müvafiq komissiyaya təqdim edəcəyəm.
O ki qaldı bu sanksiyalara, əlbəttə, mən də o fikirlə razıyam ki, hər bir şəxs, xüsusilə hüquqi şəxslər və qeyri-hökumət təşkilatları mövcud qanunvericiliyə hörmət etməlidirlər. Əgər hər hansı bir qrant müqaviləsi imzalanırsa, yaxud bununla bağlı qərar varsa, şübhəsiz, müvafiq qaydada qanunvericiliyin üzərimizə qoyduğu tələblər çərçivəsində onun qeydiyyatı həyata keçirilməlidir. Yeri gəlmişkən, mən sizə bir məsələni deyim ki, qeydiyyatla bağlı əvvəlki illərdə müxtəlif versiyalar var idi. Ən doğru variant bu gün qüvvədə olan variantdır. Bu qeydiyyat həmin müqavilələr üzrə hər hansı bir maliyyə əməliyyatının məhdudlaşdırılmasına şərait yaratmır. Ona görə də İnzibati Xətalar Məcəlləsinə bu dəyişikliklər o niyyətlə edilir ki, qeydiyyat məsələsi tam şəkildə həyata keçirilsin və sui-istifadə hallarına yol verilməsin.
Hörmətli millət vəkilləri, hörmətli cənab Sədr, amma gəlin, etiraf edək ki, bu, həddindən artıq ağır bir sanksiyadır. Təsəvvür edin ki, biz cərimələri 20 manatdan 2500 manatadək qaldırırıq. Əlbəttə, burada söhbət dövlət büdcəsinin çoxalmasından, yaxud artırılmasından getmir. Burada məqsəd həmin halların qarşısını almaq və daha çox çəkindirici, daha çox maddi məhrumiyyətlərə səbəb olan sanksiyanın tətbiq edilməsidir. Mən bunu başa düşürəm. Amma gəlin, etiraf edək ki, cərimələrin 20 manatdan 2500 manata qədər qaldırılması, əlbəttə, çox ağır bir sanksiyadır.
Təsəvvür edin, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası bu il 190 təşkilata qrant ayırdı. Elə layihələr var ki, bunlar cəmi 2000, 3000, 3500 manat civarındadır. 3000 manat civarında olan bir layihəyə, əlbəttə, 2500 manatlıq sanksiya tətbiq olunması bir qədər arzuolunan deyil. Əlbəttə, burada cənab Sədr, Siz də dediniz ki, qanunu pozmayın və cərimə ödəməyin. Burada da məntiq var. Amma eyni zamanda, mənə belə gəlir ki, bu məsələdə hər hansı bir ehtiyatsızlıq, yaxud müəyyən gecikmə halları ola bilər və buna görə də həmin sanksiyalar tətbiq olunmamalıdır.
Digər tərəfdən mən bir məsələni də qaldırmaq istəyirəm. Bu gün dövlət tərəfindən ayrılan vəsait müvafiq sənədlərə əsasən “maddi yardım” adlanır. Amma burada söhbət qrant vəsaitindən gedir. Mən açıq şəkildə demək istəyirəm ki, Maliyyə Nazirliyi bu vəsaiti maddi yardım kimi təsbit edir. Amma Ədliyyə Nazirliyi bu vəsaiti qrant vəsaiti kimi qəbul edir. Burada biz ortaq bir məxrəcə gəlməliyik. Bu, doğrudan da, maliyyə yardımıdırsa, əlbəttə, əvəzsiz verilir. Amma maliyyə yardımından qrant vəsaitinin müəyyən fərqi var ki, qrant vəsaitinin daha çox güzəştləri var. Ona görə də müvafiq qurumlarla bu məsələ ilə bağlı müzakirələr apardıq və hələlik yekdil bir fikrə gələ bilməmişik. Amma bununla yanaşı, mən hörmətli Əli Hüseynova bununla bağlı öz fikrimi əvvəlcədən bildirdim. Biz sanksiyaların bu qədər yüksək məbləğə qaldırılması məsələsinə baxmalıyıq və hamı tərəfindən qəbul olunacaq bir cərimə məbləğini qəbul etməliyik. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Pənah Hüseyn, buyurun.
P. Hüseyn. Çox təşəkkür edirəm, möhtərəm Sədr. Xüsusən Azay müəllimin çıxışından sonra mən çox təəccüb etdim. Çünki bizim həmkarımız qeyri-hökumət təşkilatları ilə dövlət siyasətinin tənzimlənməsinə məsul olan şəxsdir. Sözün doğrusu, məndə belə bir təsəvvür var idi ki, bu dəyişiklik, yəqin, dövlət funksiyasını həyata keçirən hörmətli həmkarımızla müzakirə olunub və razılaşdırılıb. Oqtay müəllim, bu məsələni mən dəfələrlə burada demişəm, yenə də məcburam deyəm ki, hörmətli Əli müəllimdən əvvəl qanunvericilik təşəbbüsü hüququndan istifadə edən orqanın, ən azı Prezidentin nümayəndəsi burada çıxış etsəydi, bu dəyişikliyi şərtləndirən, zəruri edən məsələlər haqqında faktlar səslənə bilərdi. Tutaq ki, filan qrant layihələri bu qədər gecikdirilibdir. Bu da sui-istifadə hallarına səbəb olubdur, ölkənin, dövlətin, vətəndaşın, bütövlükdə dövlətin maraqları ilə, həqiqətən, ciddi şəkildə ziddiyyət təşkil edir ki, bu dərəcədə böyük cərimələr tətbiq olunur. Məsələn, hətta Cinayət Məcəlləsində də, bilirsiniz ki, cinayət işinə görə sanksiyalar var və nadir hallarda bu cür cərimələr tətbiq olunur. Yaxud Vergi Məcəlləsində çox böyük məbləğlərdə pozuntular olduqda, hətta məhkəmə bunu vergi cinayəti kimi dəyərləndirdikdə bu cür 2000, 2500 manat məbləğində cərimələr tətbiq olunur.
Əlbəttə, bilirəm ki, mövcud iqtidarın, Yeni Azərbaycan Partiyasının vətəndaş cəmiyyətinə və onun təşkilatlarına xüsusi nifrəti vardır və bu nifrət özünü bu cür dəyişikliklərdə göstərir. Açığı, bu heç də yaxşı reytinq, imic gətirən bir tədbir deyil. Məlum olur ki, hörmətli Azay müəllimin təşkilatının da bundan xəbəri yoxdur və kimlərsə təkidlə bu məsələni Prezidentin imzası ilə Milli Məclisin gündəminə gətirir. Ona görə də hesab edirəm ki, buna səs verilməsi hər halda təxirə salınsın, qanunvericilik təşəbbüsü hüququndan istifadə edən orqanın diqqətinə çatdırılsın. Burada deyilən iradlar və bu sanksiyanın, heç olmasa, 10 dəfə aşağı salınması diqqətə gətirilsin.
Bir daha təkrar edirəm, söhbət burada o məbləğlərdən getmir. Hörmətli Elmira xanım da dedi, bu qrantların böyük hissəsi təxminən 2000, 2500, 3000 manat məbləğindədir. Bu, sadəcə olaraq, absurddur. Burada hüquqşünaslar da var, hörmətli Əli müəllim də çox savadlı bir hüquqşünasdır. Hər halda cinayət əməli dərəcəsinə uyğun olmalıdır. Hətta burada üzrlü səbəb də yazılmayıbdır. Yazılır ki, müvafiq icra hakimiyyəti orqanına təqdim edilmədikdə. Bəlkə üzrlü səbəb olub, bəlkə xəstə olub, xarici səfərdə olub, hansısa bir konfransda olub. Ən azı, heç olmasa, belə bir qeyd, şərt olmalı idi. Birbaşa deyilir ki, qanunvericiliklə müəyyən edilmiş müddətlərdə. İndi 1 aydır, 2 aydır, nə qədərdisə. Ona görə də hesab edirəm ki, hər halda bu məsələyə aydınlıq gətirilməlidir və mən qanunvericilik təşəbbüsü hüququndan istifadə edən orqana müraciət edilməsi haqqında təklifləri dəstəkləyirəm.
Sədrlik edən. Çıxış etməkdə təkid edən var? Onda xahiş edirəm, Zahid Orucov, çox qısa. Amma bir məsələni deyim ki, bu qrant layihələrində, maliyyə yardımlarında hərdən çox maxinasiyalar olur. Yəni qeydiyyata almaq o demək deyil. Qrant layihəsi veriləndə təyinatı üzrə xərclənməlidir. Burada heç bir problem yoxdur. Amma bundan sui-istifadə edirlər. Ona görə də məsələlər ciddiləşir. Əli müəllim də buna cavab verər. Zahid Orucov, buyurun.
Z. Orucov. Cənab Sədr, çox sağ olun. Mən bu məsələnin mahiyyəti ilə bağlı bir fikri xatırlatmaq istəyirəm. Zamanında həmin fikir bu parlamentdə də söylənilmişdi. Məşhur politoloq Pol Qobol bəyan edirdi ki, kim qrant alırsa, öz ölkəsinin mənafelərinə xəyanət edir. Vətəndaş cəmiyyətinin formalaşmasının ilk dövrlərində qrantla bağlı bu qanun niyə qəbul olundu?
Yerdən. (Eşidilmir.)
Z. Orucov. Xahiş edirəm, hörmət eləyin. Siz çıxışlarınızda başqalarından hörmət tələb edirsiniz.
Sədrlik edən. Pənah Hüseyn, yerindən danışma, düz deyir. Danışmısan, sözünü kəsməyiblər. Belə olmaz. Gərək hər yerdə özünüzü göstərəsiniz. Zahid bəy, xahiş edirəm, qısaca.
Z. Orucov. Cənab Sədr, adi bir məsələdən, statistik bir məsələdən bu şəkildə yayınan adamların, sadəcə, qrant alması faktını Ədliyyə Nazirliyinə təqdim etməkdən yayınan adamların arxasında başqa maraqlar var. Dəfələrlə bu özünü dünyanın müxtəlif ölkələrində göstərib. Ümumiyyətlə, qrant harada meydana çıxıb? İstəyirdim, onu deyəm, amma bu aqressiv reaksiyalar imkan vermir. 1980-ci illərdə dünyanı hərbi cəhətdən ələ keçirmək planları iflasa uğrayanda, hərbi xuntaları bir ölkənin daxilinə yeritmək ideyası iflasa uğrayanda bu cür unikal modellər meydana çıxdı. Vətəndaş cəmiyyəti institutları ölkəni, siyasi sistemi daim nəzarətdə saxlamaq üsullarıdır. İndi deyirlər ki, dövlətin ayrı-ayrı təsisatları da alır, burada ciddi nəzarət var. Ona görə də dövlətin hansısa qurumlarında bu problem yoxdur. Amma mən çox istərdim, heç dövlət strukturları da bunu almasınlar.
Qeyd olundu ki, dövlət vətəndaş cəmiyyəti institutlarını inkişaf etdirmək istəmir. Elə Azay müəllimin bu statusda çıxışı və bu qurumun təsisatı bunun nümunəsi idi. Biz bunu deyə bilərdik. Amma deyirlər ki, cəza cinayətə adekvat deyil. Mən şəxsən bunun daha da artırılmasının tərəfdarıyam. Niyə? Çünki bu qurumlar sanki qapalı institutlar kimi, kriminal institutlar kimi fəaliyyət aparırlar. Qrant “maxinatorları”, qrant korrupsiyaçıları ifadəsini mən kəşf eləməmişəm. Leyla Yunus, Arzu Abdullayeva, Eldar Zeynalov və başqaları. Bilirsiniz, nə qədər qrantlar alırlar? 100 minlərlə dollar və heç biri təyinatı üzrə istifadə olunmur. İndi burada bizə nağıl danışırlar ki, bu, vətəndaş cəmiyyətinin, üçüncü sektorun inkişafı üçündür. Dövlət niyə bunun qarşısını almır? Adi statistik məlumatları apar, təqdim elə ki, mən bunu almışam. Niyə gizlədirsən? Çünki həmin təyinatdan müxtəlif cür istifadə olunur. Partiyalar keçmişdə, elə bu gün də bu cür maliyyələşdirilir. Ona görə də burada bu cür maraqlar var. Cənab Sədr, onlar belə bir məntiqlə çıxış edirlər. Bunların hüquqi fəlsəfəsi təxminən belədir.
Sədrlik edən. Öz fikrinizi dediniz, fikriniz aydın oldu, Zahid müəllim. Əli müəllim, bir əlavəniz varsa, buyurun, yoxsa səsə qoyaq.
Ə. Hüseynov. Oqtay müəllim, yeganə əlavəm ondan ibarətdir ki, əslində, bu müzakirənin axarı düzgün getmirdi. Elmira xanım öz çıxışında səsləndirdi ki, qeyri-hökumət təşkilatları biznes fəaliyyəti ilə məşğul olmur və müqayisə apardı ki, bu baxımdan onlar gəlir əldə eləmir. Ona görə də bunlar yüksək məbləğdə cərimədir. Mənə elə gəlir ki, yanlışlıq da buradan başladı. Çünki hansısa bir qeyri-hökumət təşkilatı 2000, 3000 manat məbləğində qrant alır, digər dövlət orqanı və ya qeyri-hökumət təşkilatı 200 min, 300 min manat alır. Bu cür müqayisə heç cür yaramır. Niyə? Çünki qrantın məbləğinin cəriməyə nə aidiyyəti var ki? Məgər alınan qrantdan cərimə ödəyəcək? Onda bu, biznes fəaliyyəti olar. Bu baxımdan, əlbəttə, 2000 manat da qrant alan var, 2 milyon da. Burada məqsəd nədən ibarətdir? Hazırda dövlət qeyri-hökumət sektoruna yardım edir, dəstək verir.
Burada yeganə məqsəd ondan ibarətdir ki, həm dövlətin ayırdığı vəsait, həm də digər fondların, beynəlxalq təşkilatların, yaxud yerli təşkilatların ayırdıqları qrantlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada xərclənsin. Amma bunun müqabilində qeyri-hökumət təşkilatı, sadəcə, bir əməliyyat etməlidir. Bunun üçün böyük vaxt da lazım deyil. Xəstələndin, yaxud xəstələnmədin, sadəcə, Ədliyyə Nazirliyinin e-mail ünvanına bir məlumat göndərmək lazımdır ki, qrant haqqında qeydiyyat olsun. Bitdi və burada heç bir başqa məqsəd ola bilməz. Məqsəd odur ki, nə üçün bunu etməyib və hesab edirəm ki, bu məbləğ bizim İnzibati Xətalar Məcəlləsində həmin artımlara uyğun, mütənasib bir rəqəmdir. Əgər bu bir prinsipial yanaşmadırsa, 2500 manat olmasın, 2000 manat olsun. Amma yenə deyirəm, bu, heç cür qrantların məbləği ilə müqayisə oluna bilməz ki, 3000 manat qrant alırlar, niyə burada 2000-dir? Bu mütənasibliyin yeri deyil. Çünki biznes fəaliyyəti deyil və qrantın məbləğinin sanksiyada nəzərdə tutulan cəza ilə heç bir mütənasibliyi yoxdur. Yanlışlıq burada idi. Ona görə hesab edirəm ki, bu qədər geniş müzakirənin predmeti olmamalı idi və inanıram ki, həmkarlarım bu layihəyə səs verəcəklər.
Sədrlik edən. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri  (saat 14.04 dəq.)
Lehinə  86
Əleyhinə  5
Bitərəf  3
Səs vermədi  0
İştirak edir  94
Nəticə: qəbul edildi

Sağ olun, qəbul edildi. Tənəffüs elan edilir.

(FASİLƏDƏN  SONRA)

Sədrlik edən. Xahiş edirəm, yerinizi tutasınız. Gündəliyi davam etdiririk. “Məhkəmələr və hakimlər haqqında”, ”Əhalinin sağlamlığının qorunması haqqında”, “Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında”, “Terrorçuluğa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə. Əli Hüseynov buyursun.
Ə. Hüseynov. Çox sağ olun, cənab Sədr. Burada edilən əlavələr və dəyişikliklər bir-birinə oxşardır. Yəqin, fikir verirsiniz, hakimlərin və digər kateqoriyadan olan dövlət qulluqçularının hərbi həkim ekspertizası ilə, həmçinin tibbi-sosial müdafiəsi ilə bağlı məsələlərdə “xəsarət” anlayışının daha dəqiq verilməsidir. Məsələ burasındadır ki, müxtəlif xəsarətlər müxtəlif cür də təfsir olunurdu və qanunvericilik bu məsələni dəqiqləşdirdi. Müxtəlif xəsarətlər yaralanma, travma və kontuziya kimi göstərildi. Qanunlarda, yəni “Məhkəmələr və hakimlər haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında”, “Terrorçuluğa qarşı mübarizə haqqında” qanunlarda edilən dəyişikliklər məhz qanunvericiliyin unifikasiyası baxımından həyata keçirilir və dəqiqləşdirilir.
Bu baxımdan hesab edirəm ki, layihəyə səs verib qəbul etmək olar. Diqqətinizə çatdırmaq istəyirəm ki, millət vəkili İlyas İsmayılov “travma” sözünün “zədə” sözü ilə əvəz olunmasını təklif etmişdir. Bu ifadə, əslində, “Terrorçuluğa qarşı mübarizə haqqında” Qanunda da var. Bu barədə də qanunvericilik təşəbbüsü hüququndan istifadə edən orqanın subyektinə məlumat verilmişdir. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Bu məsələyə üç komissiyada baxılmışdır. Hadi müəllim, Sizin əlavəniz var? Əgər başqa əlavələr yoxdursa, xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 16.04 dəq.)
Lehinə 84
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 3
İştirak edir 87
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədədir. Əli müəllim buyursun.
Ə. Hüseynov. Cənab Sədr, hörmətli həmkarlar! Mülki Məcəllədə və “Yol hərəkəti haqqında” Qanunda edilən dəyişikliklər Məclisin əvvəlində “İnsan hüquqları üzrə müvəkkil haqqında” Qanunda etdiyimiz düzəlişə oxşardır. Söhbət şərti maliyyə vahidi anlayışının manatla göstərilməsindən gedir. Burada faktiki olaraq məbləğlər dəyişmir, sadəcə, misal üçün, şərti maliyyə vahidinin miqdarının 50 misli 55 manatla və bu cür rəqəmlərlə ifadə olunur. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Elmira Axundova, buyurun.
E. Axundova. Cənab Sədr, mənim etirazım 11.20-ci maddəyədir. Yetkinlik yaşına çatmayan şəxsin sağlamlığı pozulduqda zərərin əvəzinin ödənilməsi ilə bağlıdır. Deməli, qüvvədə olan redaksiyada azyaşlı zərərçəkənə əmək qabiliyyətinin itirilməsi və ya azalması ilə bağlı zərərin əvəzini zərərvuran şəxs ödəməlidir və bu məbləğ mövcud variantda 5 manatdan yuxarıdır. Təklif olunan variantda isə bu rəqəm 6 manatla əvəz edilir. Yəni cəmi 1 manat qaldırırıq. Oxuyuram ki, zərərçəkənin əmək qabiliyyəti itirilirsə və ya azalırsa, həmin zərərin əvəzi 6 manatdan az olmamaqla ödənilməlidir.
Mən başa düşmürəm, biz bir saat qabaq hansısa sənədin vaxtında verilməməsinə görə 2500 manat cərimə təyin edirik, indi isə uşağın sağlamlığını 6 manatla qiymətləndiririk. Soruşmaq istəyirəm, bu 6 manat miqdarı, 5 manat miqdarı haradan əmələ gəlib? O, əmək qabiliyyətini itirir. Heç olmasa, zərər 6 manat həcmində yox, minimum əmək haqqı həcmində ödənilməlidir. Axı, 6 manat nədir? Bu, minimum əmək haqqına da çatmır. Ona görə də xahiş edirəm, aydınlıq gətirilsin. Söhbət uşağın sağlamlığından gedir. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Elmira xanım, bundan qabaqkı Qanuna izahat verdilər. Bu qanunun həmin qanuna oxşarlığı yoxdur. Əli müəllim, buyurun. Əli müəllim, mən üzr istəyirəm. Xahiş edirəm, vaxtında yazılın. Qoy Məjlum müəllim də çıxış eləsin, sonra bir yerdə cavab verərsiniz. Məjlum Şükürov, buyurun.
M. Şükürov. Təşəkkür edirəm, Oqtay müəllim. Hörmətli millət vəkilləri, mən gözlədim ki, bəlkə Elmira xanım mənim planlaşdırdığım fikirləri söyləyəcək, təkrar olmayacaq. “Yol hərəkəti haqqında” Qanuna təklif olunan dəyişikliklər texniki xarakter daşıyır. Əlbəttə, bu dəyişikliklər lazımdır, mən də ona səs verəcəyəm. Amma fürsətdən istifadə edib başqa bir məsələni qaldırmaq istəyirəm. Təəssüf ki, bu gün yol-nəqliyyat hadisələri haqqında məlumatlar artıq ictimai bəlaya çevrilibdir. Biz gündəlik mətbuatdan, televiziyadan cəbhə bölgəsindən gələn xəbərlər kimi məlumatlar eşidirik.
Mənə elə gəlir ki, bunun müxtəlif səbəbləri var. Bir səbəbi də ondan ibarətdir ki, “Yol hərəkəti haqqında” Qanun 1998-ci ildə, yəni 10 il bundan qabaq qəbul olunub. Bu 10 il müddətində həm ölkənin yol infrastrukturu, həm də avtomobil parkı keyfiyyətcə çox ciddi dəyişikliyə uğrayıbdır. Ona görə də hesab edirəm ki, yol-nəqliyyat hadisələrini nisbətən azaltmaq üçün qanunvericilik aktlarına yenidən baxılmalıdır. Xüsusən də “Yol hərəkəti haqqında” Qanunun ikinci fəsli, yəni yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi, dördüncü fəsli, yəni nəqliyyat vasitələrini idarə etmək hüququ müasir infrastruktura uyğun gəlmir. Ona görə də bu qanunun yenidən işlənməsinə çox böyük ehtiyac olduğunu diqqətinizə çatdırmaq istərdim. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Məjlum müəllim çox gözəl bir təklif dedi. Dünən biz komissiyanın iclasında komissiya sədrləri ilə bir yerdə söhbət elədik. Yol hərəkəti qaydalarında, doğrudan, köhnəlmiş qaydalar, problemlər var. Mən də dünən bir misal gətirdim. Təzə yollar çəkilir. Maşınlar saatda 120–130 kilometr sürətlə gedirlər. Üstəlik mobil telefonla danışırlar. Yolun sağı ilə, solu ilə hərəkət edən piyadalara, özlərinə, qarşıdan gələn sürücülərə xəsarət yetirirlər. Ona görə Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasına belə bir tapşırıq verildi ki, əlaqədar təşkilatlarla bir yerdə bu məsələyə baxsınlar və gələcəkdə birdəfəlik Qanunda dəyişikliklər aparsınlar. Bu, gələcəyin işidir və bununla məşğul olurlar. İndi isə, Əli müəllim, xahiş edirəm, Elmira xanımın qaldırdığı suala cavab verəsiniz.
Ə. Hüseynov. Çox sağ olun, cənab Sədr. Bəri başdan deyim ki, kontekstdən kənarda ayrıca bir maddənin doğurduğu sual, əlbəttə, ilk baxışdan mürəkkəblik və anlaşılmazlıq yarada bilər. Biz qeyd etdik, bizim etdiyimiz dəyişiklik Mülki Məcəllə ilə bağlıdır. Əlbəttə, bu maddəyə bir qədər dərindən və diqqətlə fikir versək, görərik ki, prinsipcə, burada əvvəl də qanunverici şərti maliyyə vahidinin təxminən 5 və ya 6 manat civarında olmasını təsadüfən müəyyənləşdirməyib. Məsələ burasındadır ki, Mülki Məcəllənin bu maddəsi yetkinlik yaşına çatmayan şəxsin sağlamlığı pozulduqda zərərin əvəzinin ödənilməsi qaydasını müəyyən edir.
Burada dəqiq göstərilib ki, yetkinlik yaşına çatmayana zərər vurulduqda zərərin vurulması üçün məsuliyyət daşıyan şəxs sağlamlığın bərpası ilə bağlı bütün xərclərdən əlavə, yəni bütün xərclər ödənilir və bu, istənilən məbləğdə ola bilər, bundan əlavə, əmək qabiliyyətinin azalması ilə bağlı zərərin əvəzini də ödəməlidir. Amma 6 manatdan az olmamaq şərti ilə. Yəni buradakı bu 6 rəqəmi, sadəcə, minimal bir həddi göstərir.
Qeyd etmək istəyirəm ki, maddənin kontekstinə yanaşanda ilk baxışda belə bir təsəvvür yaranır ki, yetkin yaşına çatmayanın hüquqları pozulur, ona dəymiş ziyan ödənilmir. Amma bu maddədə məsələ çox aydın verilib və qanunverici də bunu düzgün həll etmişdir. Bu, minimum göstəricidir. Ona görə də, ümumiyyətlə, hesab edirəm ki, dəyişikliklərə bu cür yanaşma tərzinə son qoymalıyıq. Yoxsa külli miqdarda ilk baxışdan aydın olmayan suallar meydana çıxa bilər.
Burada Mülki Məcəllənin mövcud variantı bu məsələni də düzgün tənzimləyir. Əlbəttə, yetkinlik yaşına çatmayan şəxsin sağlamlığı pozulduqda zərər ödənilməlidir və burada həmin məsələlər çox dəqiq göstərilib və 6 manat ancaq minimal bir həddi müəyyənləşdirir. Ona görə hesab edirəm ki, bu layihə qəbul oluna bilər. Bir daha deyirəm, bizim dəyişdirdiyimiz, sadəcə, şərti maliyyə vahidinin manatla əvəz olunmasıdır.
Sədrlik edən. Sağ olun. Yenə çıxışa yazılanlar oldu. Sabir Rüstəmxanlı, buyurun.
S. Rüstəmxanlı. Hörmətli Sədr, hörmətli Məclis! Burada mənim təkliflərlə bağlı söz demək niyyətim yoxdur. Sadəcə olaraq, bu qanunların müzakirə forması ilə bağlı bir təklifim var. O da ondan ibarətdir ki, qanun layihələrinə edilən dəyişikliklər, əlavələr, adətən, bizə paylananda kağızın üzərində onların mətni kontekstdə verilir və bilirik ki, hansı mətndə necə dəyişiklik aparılır. Amma bilgisayarda və bizim qarşımızdakı ekranda bunların heç biri yoxdur. Sadəcə olaraq, təklif yerləşdirilir və həmin təkliflərdən də biz aydın görə bilmirik ki, hansı cümləyə nə əlavə olunur. Beləliklə, cümləni bütöv, qanunu bütöv təsəvvür edə bilmirik. Ona görə ümid qalır təkcə Əli müəllimin izahlarına. Onun izahları kifayət qədər peşəkardır, heç bir iradımız yoxdur. Amma yaxşı olar ki, burada biz görək, hansı cümlə necədir? Ora əlavə olunandan sonra ümumilikdə qanun nə şəklə düşür? Ancaq maddələrin adı yazılır, filan maddəyə filan şey əlavə olunsun. Mən həmin maddəni bütöv oxumaq istəyirəm. Bizim Milli Məclisin Aparatı zəhmət çəksin, həmin qanunları, yəni müzakirə olunan qanunları bilgisayarda yerləşdirsin ki, biz hamısını kontekstdə görə bilək. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Amma Sabir müəllim, bilgisayarda yerləşdirilməmişdən əvvəl qanun layihəsi hamıya paylanılır. Bilgisayarın da tutumu var. Əgər hər bir qanun layihəsini biz orada yerləşdirsək, bilgisayarda həmin qanunlara yer qalmaz. Qanun layihəsi hamıya paylanılır. Bilgisayarda da imkan dərəcəsində yerləşdirilir. Gülər Əhmədova, buyurun.
G. Əhmədova. Təşəkkür edirəm, cənab Sədr. Mən burada uzun illər danışmadığım bir məsələni demək istəyirəm. Çünki elə bir məqam yetişdi ki, bunu həyatdan olan bir misalla qeyd eləmək lazımdır. 2000-ci ildə o vaxtkı parlament seçkiləri dövründə mən küçədən bir uşaq götürdüm. Taleyi ilə bağlı həmin uşaq verilişdə özü danışırdı. Məsələ burasındadır ki, həmin uşağı işlətmək adı ilə onun sağlamlığına çox ciddi ziyan vurmuşdular. Həmin uşağın bir hissəsi tamamilə yandırılmışdı və yaranın sağalmaması üçün zaman-zaman onun yaralarını qopardırdılar ki, bu uşağa yazığı gələn insanların sayı çox olsun və pul versinlər.
Bilirsiniz, əlbəttə, mən başa düşürəm, burada oturan hər bir şəxs bu məsələlərlə bağlı nəsə deyə bilər. Amma məsələ burasındadır ki, mən ömrüm boyu bu işlərlə məşğul olan adamam. Bilirəm ki, bizim qəbul elədiyimiz qanunlar, baxdığımız konvensiyalar bəzən bizim fikirləşmədiyimiz halda bir çox uşaqların həyatını həll edir. Ona görə mən təklif eləyirəm ki, “6 manat” sözlərini, ümumiyyətlə, biz yazmayaq və yaxud onu tamam başqa bir rəqəmlə əvəz eləməyib saxlayaq, həmin düzəlişə səs verməyək. Düzdür, başa düşürəm, əvvəl nəyə səs vermişik, indi, sadəcə, həmin şərti maliyyə vahidini dəyişirik. Amma əvvəl səs vermişiksə, düz verməmişik.
İkinci məsələ ondan ibarətdir ki, bu gün Azərbaycanda uşaqların nə hüquqlarını, nə də sağlamlıqlarını valideynləri qoruya bilirlər. Kifayət qədər uşaq var ki, bu gün onlarla bağlı çıxaracağımız qərarlar məhz burada oturan insanlardan asılıdır. Mənim Əli müəllimə çox böyük hörmətim var və bilirəm ki, o, yeri gələndə şəriəti də bizdən, dini də bizdən çox yaxşı bilən bir insandır və üzümü ona tutub müraciət edirəm, Oqtay müəllimdən xahiş edirəm, yəqin ki, bu məsələdə imkan var, biz başqa cür davranaq. Hər şeyə rəğmən, demək istəyirəm ki, mən buna səs verməyəcəyəm. Təşəkkür edirəm.
Sədrlik edən. Gülər xanım, hər şeyə rəğmən, burada biz Uşaq hüquqları haqqında qanun qəbul eləmirik, şərti maliyyə vahidini dəyişirik. Mən ondan qabaq dedim ki, qanunların hamısının bir yerdə işlənilməsi məsələsi komissiyaya tapşırıldı. Gültəkin Hacıbəyli buyursun.
G. Hacıbəyli. Çox sağ olun, Oqtay müəllim. Mən də Elmira xanımın səsləndirdiyi və Gülər xanımın dəstəklədiyi fikirlərlə bağlı öz mövqeyimi bildirmək üçün söz aldım. Düşünürəm ki, bu 6 manatla bağlı olan məsələ ya qanunvericiliyə daxil edilməməlidir, ya da ümumiyyətlə, qanunvericilikdən çıxarılmalıdır. Daxil edilirsə, təbii ki, kifayət qədər çox kiçik bir rəqəmdir.
Əgər biz Azərbaycanda yol hərəkəti qaydalarının pozulmasına görə bundan yüz dəfələrlə böyük cərimələr tətbiq ediriksə, yetkinlik yaşına çatmayan şəxslərin əmək fəaliyyətinin pozulmasına görə, hətta xərclər, yəni müalicə xərcləri ödəniləcəyi təqdirdə belə, həmin rəqəmin qanunvericilikdə saxlanması nə Azərbaycan dövlətinin, nə Azərbaycan iqtisadiyyatının indiki inkişaf səviyyəsinə, nə də əhalinin həyat səviyyəsinə uyğun gəlir. Bu baxımdan mən də istərdim ki, bu məsələyə xüsusi diqqətlə yanaşılsın. Nəzərə almaq lazımdır ki, söhbət yetkinlik yaşına çatmayan şəxslərdən, uşaqlardan gedir. Mənə elə gəlir ki, Milli Məclis bu məsələdə xüsusi həssaslıq nümayiş etdirməlidir. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Aydın Həsənovun sualı var. Buyurun.
A. Həsənov. Çox sağ olun. Hörmətli Oqtay müəllim, mən Məjlum müəllimin sözünə əlavə eləmək istəyirəm. Siz çox gözəl qeyd elədiniz. “Yol hərəkəti haqqında” Qanunda mütləq ciddi dəyişikliklər olmalıdır. İndi elə yollar çəkilib ki, maşını saatda 200–300 kilometr sürətlə sürürlər. Həmkarımız Məjlum müəllim deyir ki, yollarımız cəbhə bölgəsinə oxşayır. Hətta cəbhə bölgəsində belə bu qədər itki vermirik. Deyək ki, İkinci dünya müharibəsində gündə bir neçə min adam ölərdi, amma yol hərəkəti qəzalarında gündə yüzlərlə adam qırılır. Cəbhə bölgəsində belə şey yoxdur. Xahiş edirəm, danışığınıza bir sərhəd qoyun. Çox sağ olun, minnətdaram.
Sədrlik edən. Aydın müəllim, hər şeyi Siz başqa cür qəbul eləməyin. Məjlum müəllim tamam başqa söz deyir. Qənirə Paşayeva, buyurun.
Q. Paşayeva. Oqtay müəllim, çox sağ olun. Əslində, Siz özünüz dediniz ki, bunların hər ikisi üzərində ciddi şəkildə işlənməsinə ehtiyac olan qanun layihələridir. Biz inanırıq ki, yaxın zamanlarda həmin dəyişikliklər müzakirəyə çıxarılanda biz daha geniş şəkildə fikrimizi deyə bilərik. Amma Əli müəllim, mənim bir sualım var. Ola bilməzmi, əgər biz bu layihəni qəbul ediriksə, hamımız reallığı biliriksə, (söhbət zərərçəkən azyaşlı uşaqlardan gedir) zərərin əvəzində ödəniləcək vəsaiti daha böyük məbləğdə müəyyənləşdirək. Çünki bunun özü həm də mənəvi məsələdir.
Bununla məşğul olan insanlar bilməlidirlər ki, onları nə qədər sərt bir cəza gözləyir, sadəcə, onların sağlamlığına vurduqları ziyanı müalicə etməklə, hansısa cüzi miqdarda kompensasiyalarla canlarını qurtara bilməzlər. Onları çox ciddi cərimə gözləyir. Yəni biz bunu dəyişiriksə, düzdür, burada, sadəcə, söhbət “şərti maliyyə vahidi məbləğinin beş mislindən” sözlərinə müəyyən dəyişiklikdən gedir. Amma ola bilməzmi ki, əgər dəyişiklik ediriksə, biz bu rəqəmi çox ciddi şəkildə artıraq, bu dəyişikliyi qəbul edək və gələcəkdə digər məsələləri də nəzərə alarıq. Amma bu gün qəbul olunursa, ciddi bir rəqəm qoyaq və həmin insanlar başa düşsünlər ki, azyaşlı uşaqlara zərərin vurulmasına görə dövlət çox ciddi cərimələr mexanizmlərini artıq işə salır. Buna Əli müəllimin cavab verməsini çox istərdim. Yəni nə mane olur ki, biz indi burada daha böyük bir məbləğ qoya bilmirik. Sağ olun.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov, buyurun.
S. Novruzov. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Keçmişdə Babilistanda Şah Xamrabbi qanunu vardı. Ona gözə-göz, dişə-diş qanunu da deyirdilər. Yəni kim kimi öldürübsə, vur, onu da öldür. Bununla da məsələlər həll olunsun. Mən belə başa düşdüm ki, ziyan vurubsa, yəni sənin atının bir gözünü çıxardıbsa, sən də get, o birisinin atının iki gözünü və yaxud birini çıxar. Söhbət burada nə İnzibati Xətalar Məcəlləsindən, nə də Cinayət Məcəlləsindən gedir. Söhbət Mülki Məcəlləyə olunan dəyişiklikdən gedir. Əli müəllim də burada gözəl qeyd elədi. Əgər xətər yetirilirsə, birincisi, Cinayət Məcəlləsi ilə bunun cinayət məsuliyyəti ortaya qoyulur. İkincisi, dəymiş ziyanı ödəyir. Üçüncüsü, istehlakçıların hüquqlarının müdafiəsi var. Bununla bağlı bir maddə də üstünə gəlir.
Mülki Məcəllədə şərti maliyyə vahidi manatla əvəz olunub. Burada qanunun mahiyyəti bundan ibarətdir. Biz Cinayət Məcəlləsini də yükləyək həmin Mülki Məcəllənin, yaxud İnzibati Xətalar Məcəlləsinin üstünə, adama nə qədər iş verək. Onda gərək deyək ki, niyə Cinayət Məcəlləsində buna “3 ildən 7 ilədək” iş düşür, 3 il azdır, gərək bunu 10 ildən 15 ilə qədər eləyək. Müddətlər var, fərqlər var. Burada da qeyd olundu ki, bu, minimum həddir. Onun 10 qat artığı ola bilər, yüz qat artığı da ola bilər.
Keçmişdə hərbi xidmətdə olanlar bilirdi. Hər bir əsgərin qiyməti 72 qəpik müəyyənləşdirilmişdi. Bu o demək deyildi ki, hökumət bunun ölümünə görə 72 qəpik qan pulu verir. Bu, keçmiş Sovet İttifaqında hərbi xidmətdə müəyyənləşdirilmiş miqdardır. İndi də müəyyən hədd var. Həddən yuxarı məhkəmə hansı qaydada müəyyən edəcəksə, həmin qaydada da Mülki Məcəlləyə uyğun qiymət müəyyənləşəcək. Ona görə də hər bir insanın uşaqlara qarşı, yetkinlik yaşına çatmayanlara qarşı olan münasibətini başa düşürəm. Gələcək qanunlarda bu təklifləri verərik. Mən deputat həmkarlarımı bu qanun layihəsinə səs verməyə çağırıram.
Sədrlik edən. Əli müəllim, əlavəniz yoxdur ki?
Ə. Hüseynov. Oqtay müəllim, mən, sadəcə, müzakirənin açılmasının səbəbini başa düşməmişdim. Mən başa düşürəm ki, deputat həmkarlılığı olmalıdır, amma müzakirənin predmeti də olmalıdır. Burada predmet yoxdur. Ona görə məsələ aydındır. Yəqin, biz nəsə müzakirə eləmək istəyirik. Ümumiyyətlə, burada müzakirənin predmeti yox idi. Əgər yetkinlik yaşına çatmayanın hüquqlarını qorumaq istəyiriksə, yaxud pozulmuş hüquqlarla bağlı inzibati cinayət məsələsini qaldırmaq istəyiriksə, bu, mövzunun predmeti deyil.
Sədrlik edən. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 16.24 dəq.)
Lehinə 85
Əleyhinə 2
Bitərəf 3
Səs vermədi 2
İştirak edir 92
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”yə əlavələr və dəyişikliklər edilməsi barədədir. Ziyad Səmədzadə buyursun.
Z. Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Hörmətli Əli müəllim “Məhkəmələr və hakimlər haqqında” və digər qanunlar haqqında məlumat verərkən düzəlişin xəsarətlə əlaqədar olduğunu bildirdi. Yəni adları çəkilən qanunlarda düzəlişlər edilir, xəsarətin təsnifatı verilir, ona görə də millət vəkillərindən xahiş edirəm, öz müsbət münasibətlərini bildirsinlər. Yəni eyni cümlədən söhbət gedir.
Sədrlik edən. Jalə xanım, buyurun.
J. Əliyeva. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Bu gün müzakirəmizə təqdim olunan “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”yə əlavələr edilməsi haqqında qanun layihəsinin məqsədi Azərbaycan Respublikasının bəzi qanunlarında öz əksini tapmış “həlak olmuş və xəsarət almış” sözlərinin dəqiqləşdirilməsidir. Belə dəqiqləşmənin aparılması həmin qanunları tətbiq edən orqanların işinin asanlaşdırılmasına xidmət edir. Bu mənada qanun layihəsi əhəmiyyətlidir. Çox yaxşı olardı ki, təkcə qanunlarımızda deyil, həmin qanunların tətbiqi üçün qəbul olunmuş qanun qüvvəli aktlarda da səlahiyyətli orqanlar tərəfindən müvafiq düzəlişlər aparılsın.
Şəhid və veteran adının verilməsi məsələsi ilə bağlı mənə çoxlu sayda müraciətlər daxil olmaqdadır. Belə müraciətlərdən biri də daxili işlər orqanlarında xidmət etmiş, 1988-ci ildən 1996-cı ilədək dəfələrlə döyüş bölgələrində ezamiyyətdə olmuş və 1996-cı ildə Ucar rayonunda polis kimi xidmətini yerinə yetirərkən qəflətən vəfat etmiş polis zabitinin həyat yoldaşı tərəfindən daxil olan müraciətdir. Müraciətdə qaldırılan əsas məsələ vəfat etmiş həyat yoldaşına veteran statusunun verilməsi və veteran ailələrinə edilən güzəştlərin onlara da şamil edilməsində köməklik göstərilməsindən ibarətdir. Lakin müvafiq orqanlara edilən müraciətlərə baxmayaraq, bu məsələ müsbət həllini bu günə qədər tapmayıb. Yuxarıda göstərildiyi kimi, ərizəçinin həyat yoldaşı 1989–1994-cü illər ərzində Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş bölgələrində olub, döyüşlərdə iştirak edib. Bu faktın özü həmin polis zabitinə veteran adının verilməsi üçün yetərli əsasdır. Lakin müraciət etdiyi orqanlar həlak olmuş polis zabitinə veteran adının verilməsindən imtina etmişdir. Seçici haqlı olaraq belə sual qoyur ki, niyə 1941–1945-ci illər müharibə veteranlarına verilən güzəştlər, əgər veteran ölübsə, yaxud nə vaxt ölməyindən asılı olmayaraq, onların dul qalmış həyat yoldaşlarına verilir, bizə isə şamil edilmir.
Eyni problem şəhid adının verilməsi ilə əlaqədar da mövcuddur. Belə ki, bir çox hallarda Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 1995-ci il 15 yanvar tarixli qərarla təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın birinci maddəsinə istinadən şəhidlik statusunun verilməsindən imtina edilir. Qeyd etmək istərdim ki, adı çəkilən qaydaların birinci maddəsində şəhid adının verilməsi üçün bütün hallar öz əksini tapmayıb. Bu da öz növbəsində “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” 1993-cü il 3 sentyabr tarixli Qanunun məhdudlaşdırılmasına gətirib çıxarır. Mən şübhə etmirəm ki, bir çox deputat həmkarlarımın ünvanına da oxşar məzmunda müraciətlər daxil olub və yaxud olmaqdadır. Düşünürəm ki, bu məsələnin həlli üçün “şəhid” və “veteran” adının verilməsini nəzərdə tutan müvafiq qanunlara və qanun qüvvəli aktlara dəyişiklik edilməlidir.
Çıxışımın sonunda iclasın başlanğıcında Əli Əhmədovun bir şəxsin iki dəfədən artıq Prezident seçilməsinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə əlaqədar fikrinə tərəfdar çıxdığımı bildirirəm. Oqtay müəllim, Siz söylədiniz ki, komissiyada da bu məsələ müzakirə ediləcək. Lakin fikrimi bir cümlə ilə burada ifadə etmək istəyirəm ki, əslində, bu, sadəcə, mənim fikrim deyil, təmsilçisi olduğum 40 min seçicinin görüşlərdə dəfələrlə dilə gətirdikləri tələb kimi irəli sürdükləri təklifdir. Əlbəttə, biz xalqın istəyini nəzərə almalıyıq. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Qanun layihəsinə başqa irad yoxdur ki? Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri  (saat 16.30 dəq.)
Lehinə  93
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0
İştirak edir  93
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi barədə. Eldar İbrahimov, buyurun.
E. İbrahimov, Milli Məclisin Aqrar siyasət daimi komissiyasının sədri.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli həmkarlarım! Mən də qanun layihəsinin müzakirəsinə keçməzdən əvvəl hörmətli həmkarım Əli Əhmədova öz dərin minnətdarlığımı, səmimi təşəkkürümü bildirirəm. Uzun vaxtlardır ki, burada bir çox deputatlar qəzetlərdə müsahibələr verirlər, bu sözləri deyirlər. Lakin bu gün hakimiyyətin mənbəyi olan xalqımızın arzusunu və istəyini həyata keçirmək yolunda Əli müəllim çox böyük addım atdı. Mən bunu dəstəkləyirəm və gələcəkdə bu belə də olmalıdır. Kimlərəsə xoş getmirsə, demokratiyadan danışırsa, əsl demokratiya hakimiyyətin mənbəyi olan xalqın arzusunu həyata keçirməkdir.
O ki qaldı “Yeyinti məhsulları haqqında” Qanunun qüvvədə olan 11-ci maddəsinə, burada yeyinti məhsullarının qablaşdırılmasından və etiketləşdirilməsindən söhbət gedir. Burada qüvvədə olan redaksiyada “müalicəvi”, “pəhriz”, “ekoloji təmiz” sözləri yazılıb. Təklif olunur ki, “ekoloji təmiz” sözləri çıxarılsın. Çünki “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Qanun var. Tamamilə yerində olan məsələdir. 11-ci maddənin üçüncü hissəsinin ikinci cümləsinin qüvvədə olan redaksiyasında “etiketlər” sözü var. Təklif olunur ki, “etiketlər” sözü çıxarılsın. Yəni necə çıxarılsın. Burada belə bir formulirovka verilir ki, qanunda digər hal nəzərdə tutulmamışdırsa, etiketdə məhsulun adı, növü, tərkibi və sair qeyd olunsun və həmin hissəyə bir cümlə əlavə olunsun: “Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının markalanması qaydası müvafiq qanunvericiliklə tənzimlənir”. Bir daha demək istəyirəm ki, bu düzəlişlər bu ilin yazında qəbul etdiyimiz “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Qanuna uyğun olaraq “Yeyinti məhsulları haqqında” Qanuna verilən dəyişiklikdir və tamamilə yerindədir.
Bir maraqlı məsələni də hörmətli həmkarım Əli müəllim icazə versəydi, qeyd edərdim. İnzibati Xətalar Məcəlləsinin 68-5-ci maddəsində ekoloji təmiz kənd təsərrüfatı haqqında qanunvericiliyin pozulmasına görə cəza tədbirləri nəzərdə tutulub. Yəni fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 300 manat, hüquqi şəxslər 2000 manat miqdarında cərimə edilir. Tamamilə yerində olan, məqbul sayılan dəyişiklikdir. Mən hesab edirəm ki, hörmətli həmkarlarım bu qanun layihəsinə səs verəcəklər. Çox sağ olun.
Sədrlik edən. Çox sağ ol, Eldar müəllim. Qanun layihəsinə iki komissiyada baxılıb. Aparıcı komissiya Eldar müəllimin komissiyası olub. Əli müəllim də dedi. Buyurun, Ərəstun Cavadov.
Ə. Cavadov. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Hazırda ölkə başçısı, hörmətli Prezidentimiz cənab İlham Əliyev tərəfindən Milli Məclisin müzakirəsinə təqdim edilmiş “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununa və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə qanun layihəsi ilə bağlı Milli Məclisin Aqrar siyasət daimi komissiyasının üzvü kimi mən də öz fikrimi bildirmək istəyirəm. Bildiyiniz kimi, bu il Milli Məclisin payız sessiyasında “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Qanun qəbul edilmişdir. Məhz həmin qanunun qəbulundan sonra onun təcrübədə işlək olmasını təmin etmək məqsədi ilə bu gün “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununa və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi zəruri hesab olunur.
Heç kimə sirr deyil ki, istər ölkəmizə gətirilən, istərsə də ölkəmizdə istehsal olunan yeyinti məhsullarının bir qismi bir çox hallarda müasir tələblərə cavab vermir və bunun nəticəsində, ilk növbədə, ölkə əhalisinin sağlamlığı təhlükə altına qoyulur. Hazırda təklif olunan qanun layihəsinin qəbul edilməsi məhz qeyd etdiyim problemlərin həllinə yönəlib. Belə ki, ilk növbədə bu qanun layihəsi ilə “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununda olan boşluqlar aradan qaldırılır.
İnzibati Xətalar Məcəlləsinə Ekoloji təmiz kənd təsərrüfatı haqqında qanunvericiliyin pozulması ilə əlaqədar inzibati məsuliyyət doğuran normanın əlavə edilməsi isə gələcəkdə “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Qanunun işlək olmasına müsbət zəmin yaradır və yeyinti məhsullarının keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Ona görə də bu qanun layihəsini məqbul hesab edirəm və deputat yoldaşlarımdan da onun qəbul edilməsinə səs verməyi təklif edirəm.
Eyni zamanda, çıxışımın sonunda həmkarım hörmətli Əli Əhmədovun Konstitusiyaya dəyişiklik edilməsini, prezidentlik səlahiyyətinin müddətsiz olması təklifini yüksək qiymətləndirirəm və bu təklifin komissiyalarda işlənib hazırlanmasını xahiş edirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Fazil Mustafa, buyurun.
F. Mustafa. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən bu dəyişikliklərin, burada göstərilən rəqəmlərin əleyhinə deyiləm. Hörmətli Eldar müəllim izahat verdi, amma burada bir məsələ qaranlıq qalır. Məncə, burada qəsdən satışa çıxarılması göstərilməlidir. Elədir ki, məhsulu satışa çıxarılan şəxslər, xüsusilə fiziki şəxslər həmin məhsulları müxtəlif mənbələrdən alırlar və bunun sənədləşdirilməsinin saxta olduğunu yoxlamaq mümkün olmur. Təbii ki, bazarda satışla məşğul olan şəxsin 6–7 mənbədən aldığı məhsulu yoxlamaq imkanı yoxdur və həmin məhsula görə onun bu qədər sanksiya ilə cəzalandırılması ciddi möhtəkirliyə yol açacaq. Bu baxımdan hesab edirəm ki, burada bilərəkdən satışa çıxarılması məsələsi, yəni qəsdən ünsürün olub-olmaması qabardılmalıdır ki, sui-istifadəyə yol verilməsin. Qalan məsələləri, məncə, qəbul eləmək mümkündür. Sağ olun.
Sədrlik edən. Sağ olun. Başqa təkliflər yoxdursa, xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri  (saat 16.37 dəq.)
Lehinə  95
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0
İştirak edir  95
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələmiz İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında qanun layihəsi barədədir. Bu qanun layihəsini üç komissiya birlikdə çox geniş müzakirə etmişdir. Layihəni təqdim etmək üçün söz verilir Milli Məclis Sədrinin müavini Valeh Ələsgərova.
V. Ələsgərov. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli deputatlar, xanımlar və cənablar! Milli Məclisin birinci oxunuş üçün müzakirəsinə İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında Azərbaycan Respublikasının qanun layihəsi təqdim edilir. İlk öncə bu qanun layihəsinin hazırlanmasında, müzakirələrində iştirak etmiş, əziyyət çəkmiş müvafiq qurumlara – İqtisadi İnkişaf Nazirliyinə, Vergilər Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Dövlət Gömrük Komitəsinə, Dövlət Sosial Müdafiə Fonduna və sair aidiyyəti qurumlara, onların rəhbərlərinə, işçilərinə minnətdarlığımı bildirmək istəyirəm.
Qanun layihəsinin sonrakı müzakirələrində iştirak etmiş, öz fikirləri, rəyləri, təkliflərini bizimlə bölüşüb, tövsiyələrini vermiş Hüquq siyasəti və dövlət quruculuğu məsələləri, İqtisadi siyasət, Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyalarının üzvlərinə və başqa deputat həmkarlarıma, Milli Məclis Aparatının rəhbər işçilərinə, ayrı-ayrı mütəxəssislərinə, ekspertlərinə xüsusi minnətdarlığımı bildirməyi özümə borc bilirəm.
Bu başdan deyim ki, ilkin müzakirələr zamanı verilmiş təkliflərin, tövsiyələrin əksəriyyəti qanun layihəsinin sizə təqdim olunmuş mətnində nəzərə alınıb. Ancaq bu qanun layihəsinin mahiyyətinə, anlamına, şərhinə, izahına hər hansı cür təsir edə bilən təkliflər qəbul edilməyib.
Gördüyünüz kimi, bu qanun layihəsi Xəzər dənizi bölgəsində və digər regionlarda həyata keçirilən neft-qaz əməliyyatları ilə əlaqədar Azərbaycan Respublikasında ixrac məqsədli neft-qaz fəaliyyəti üçün xüsusi iqtisadi rejimin yaradılmasının və tətbiqinin əsaslarını müəyyən edir, bu sahədə dövlət, hüquqi və fiziki şəxslər arasında yaranan münasibətləri tənzimləyir. Məqsəd nədir? Məqsəd Azərbaycandan kənarda, o cümlədən Xəzər dənizinin Azərbaycan sektorundan kənarda hər hansı qurumlar tərəfindən həyata keçirilən neft-qaz əməliyyatları ilə əlaqədar bu qurumları, onların törəmə şirkətləri, podratçıları, subpodratçıları üçün kontrakt, saziş, müqavilə, başqa hüquqi anlaşmalar əsasında Azərbaycan Respublikasının ərazisində hər hansı işləri görən, xidmətləri göstərən, idxal-ixrac əməliyyatlarını aparan və bunlarla bağlı olan hər hansı malları, işləri, xidmətləri təqdim edən podratçılar üçün və onların subpodratçıları üçün rəqabət üstünlükləri verilən əlverişli iqtisadi rejimin yaradılmasıdır.
Azərbaycan Respublikasının ərazisində bu cür ixrac fəaliyyətini aparan, xüsusi iqtisadi rejimdən bəhrələnən podratçılar kimlərdirlər? Bu məqama, xahiş edirəm, diqqət yetirəsiniz. Podratçı Azərbaycan Respublikasının qanunvericiliyi əsasında yaradılmış və fəaliyyət göstərən, Azərbaycan Respublikasında müvafiq ərazi, infrastruktur, texniki vasitələr, işçi qüvvəsi, zəruri texniki, texnoloji, inzibati və idarəetmə biliklərinə və təcrübəsinə, maliyyə ehtiyatlarına malik olan hüquqi şəxslər, o cümlədən xarici sərmayəçilərin iştirakı ilə yaradılmış hüquqi şəxslərdir. Podratçılara şamil edilən xüsusi iqtisadi rejim onların subpodratçılarına da şamil edilir.
Beləliklə, bu qanunla həm son illərdə yenidən qurulmuş, bərpa edilmiş, yenidən yaradılmış müəssisələr, müştərək müəssisələr, infrastruktur obyektləri və orada mövcud olan güclü kadr potensialı, həm də bu gün fəaliyyətdə olan maşınqayırma, elektronika, elektrotexnika, inşaat materialları, kənd təsərrüfatı, yeyinti məhsulları və sair müəssisələr, obyektlər və orada çalışan insanlar əhatə olunacaqdır. Bununla da qeyri-neft sektorunun da möhkəmlənməsinə, inkişafına yeni imkanlar yaranır.
Əlbəttə, bir şərtlə. Bu müəssisələr tərəfindən istehsal olunan mallar, işlər, xidmətlər xaricdə həyata keçirilən neft-qaz əməliyyatları üçün ixrac olunur. Yəni bu qanun layihəsinin 2.2-ci maddəsində göstərildiyi kimi, Milli Məclis tərəfindən təsdiq edilmiş və həyata keçirilməsinə icazə verilmiş Azərbaycan Respublikasının ərazisində, o cümlədən Xəzər dənizinin ona mənsub bölməsində xam neft və təbii qaz yataqlarının birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişlər boru kəməri haqqında və bu qəbildən olan digər saziş və qanunlar əsasında həyata keçirilən fəaliyyətə şamil edilmir. Bu fəaliyyətlər müvafiq qanunlar, sazişlər, o cümlədən Milli Məclis tərəfindən təsdiq, qəbul edilmiş qanunlar və sazişlər çərçivəsində həyata keçirilir. Bu fəaliyyətlər, əməliyyatlar üçün aparılan işlərə, göstərilən xidmətlərə, təqdim olunan mallara da bu qanun şamil edilməyəcək. Təkrar edirəm, ancaq xaricdə aparılan neft-qaz əməliyyatları üçün göstərilən xidmətlər, təqdim olunan mallar, görülən işlər bu şərtlə ixrac olunur ki, Azərbaycan Respublikasının ərazisində hasil olunan maldır, göstərilən xidmətdir, aparılan işlərdir.
Xüsusi iqtisadi rejim nədən ibarətdir? Qanun layihəsinin 3-cü maddəsində vergi rejimindən bəhs edilir. Burada deyilir ki, “podratçılar bu Qanunun 7.1-ci maddəsində göstərilən şəhadətnaməni almaq üçün ilk dəfə müraciət edərkən” iki vergi rejimindən birini seçmək hüquqları var. Ya Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş hüquqi şəxslərin mənfəət vergisini, ya da podratçılara sifarişçi tərəfindən ödənilən ümumi məbləğdən 5 faiz dərəcəsi ilə hüquqi şəxslərin mənfəət vergisini seçə bilərlər. Podratçı tərəfindən seçilmiş vergi rejimi podratçının xarici subpodratçılarına da şamil edilir. Xarici subpodratçılara tətbiq edilən hüquqi şəxslərin mənfəət vergisi podratçılar və müvafiq haldan asılı olaraq digər subpodratçılar tərəfindən xarici subpodratçılara ödəmə mənbəyində ödənilən məbləğdən tutulur. Bunun da səbəbi ondan ibarətdir ki, xarici subpodratçının başqa yerlərdə, ölkələrdə işləri ola bilər. Gedib orada yoxlamaq, netto-bruttonu hesablamaq mümkün olmayacaq. Ona görə də ödəmə mənbəyində birbaşa ödəmələr keçirilir. Yerli subpodratçılar hüquqi şəxslərin mənfəət vergisini, fiziki şəxslərin gəlir vergisini və ya sadələşdirilmiş vergini Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq ödəyirlər.
Bəzi yoldaşlarımız müzakirələr zamanı burada bir balaca ayrı-seçkilik, fərdi yanaşma gördülər. Ancaq sizi əmin edirəm və mən bunu inanaraq deyirəm, çünki müzakirələrdən sonra müvafiq qurumlarla məsləhətləşmələr keçirilib. Əslində, bu eyni şeydir. Heç bir ayrı-seçkilik yoxdur. Lazım olarsa, iclasdan sonra görüşüb bunları dəqiq rəqəmlərlə izah edə bilərəm. Podratçılar ixrac məqsədli neft-qaz fəaliyyəti ilə əlaqədar əmlak vergisinin və torpaq vergisinin ödənilməsindən azad olunurlar. İxrac məqsədli neft-qaz fəaliyyəti ilə əlaqədar Azərbaycan Respublikasından ixrac edilən mallar, işlər, xidmətlər əlavə dəyər vergisinə sıfır dərəcəsi ilə cəlb olunur. Podratçının, subpodratçının işçiləri fiziki şəxslərin gəlir vergisini Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq ödəyirlər. Podratçılar və subpodratçılar ixrac məqsədli neft-qaz fəaliyyəti ilə bağlı olmayan digər fəaliyyətləri üzrə bütün vergiləri Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada ödəməlidirlər.
Gömrük rejimi. “Podratçılar və subpodratçılar ixrac məqsədli neft-qaz fəaliyyəti ilə bağlı Azərbaycan Respublikasına idxal etdiyi, Azərbaycan Respublikasından ixrac etdiyi mallara (işlərə və xidmətlərə) görə gömrük rüsumlarından azad olunurlar”. Əlbəttə, ixrac məqsədli neft-qaz fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün idxal və ya ixrac etdikləri mallar, işlər, xidmətlər üçün gömrük rüsumlarını və əlavə dəyər vergisini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq ödəməlidirlər. Valyuta rejiminə aid maddənin mətni standartlaşdırılmış şəkildə verildiyinə görə, fikrimcə, əlavə izahatlara ehtiyac yoxdur.
İcazənizlə daha maraqlı bir maddəyə, 6-cı maddəyə keçim. İxrac məqsədli neft-qaz fəaliyyətində yerli işçi qüvvəsinin istifadəsinə aid maddədir. Nəzərinizə çatdırım ki, əgər podratçı və subpodratçı uzunmüddətli kontraktlar əldə edibsə, – yenə də yadınıza salıram, Azərbaycan Respublikasında fəaliyyət göstərən şirkətdən söhbət gedir, – işçilərinin 80 faizdən az olmayan hissəsi Azərbaycan Respublikasının vətəndaşları olmalıdırlar. Əgər həyata keçirilən ixrac məqsədli neft-qaz fəaliyyəti 6 aydan az müddətə başa çatarsa, bu halda podratçı həmin tələbə riayət etməkdən azad olunur.
Ancaq bir neçə məqamı nəzərinizə çatdırım. Azərbaycan Respublikasının vətəndaşı olmayan işçilərin işə qəbul edilməsi “Əmək miqrasiyası haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq surətdə həyata keçirilir. Bu bir. Əgər yuxarıda göstərilən nisbətdən fərqli olan digər nisbətlərin əsasında işçi qəbul olunursa, bunlara ancaq aşağıda sadalayacağım hallarda razılıq verilə bilər. “İxrac məqsədli neft-qaz fəaliyyətinin həyata keçirilməsinə cəlb edilməli olan müvafiq ixtisas dərəcəsinə və peşəyə malik olan lazımi sayda Azərbaycan Respublikasının vətəndaşı olmadıqda”. Əgər isbat edə bilsələr ki, Azərbaycanda bu cür mütəxəssis yoxdur, onda bu məsələyə baxıla bilər. Bu bir. İkincisi, “müvafiq peşə (ixtisas) üzrə tələb olunan sayda Azərbaycan Respublikasının vətəndaşlarının hazırlanması (öyrədilməsi) 6 aydan çox müddət tələb etdikdə”. Üçüncü, “müvafiq peşə (ixtisas) üzrə tələb olunan sayda Azərbaycan Respublikasının vətəndaşlarının hazırlanması (öyrədilməsi) üçün çəkilməli olan xərclər Azərbaycan Respublikasının vətəndaşı olmayan işçilərin işə cəlb edilməsi xərclərindən əhəmiyyətli dərəcədə (20 faizdən az olmamaqla) artıq olduqda”. Əgər, doğrudan da, iqtisadi cəhətdən Azərbaycan vətəndaşlarını hazırlamaq əlverişli deyilsə, buna əl atmaq olar.
Bütün bu məhdudiyyətləri nəzərə alsaq, demək olar ki, Azərbaycan vətəndaşları olan mütəxəssislərin hüquqları yüksək dərəcədə qorunub. Nəzərə alsaq ki, podratçıların əksəriyyəti Azərbaycanın hüquqi şəxsləridirlər, bəzi yoldaşların dedikləri kimi, bu maddə ilə bağlı narahatlığa yer yoxdur. Podratçı və subpodratçıların Azərbaycan Respublikasının vətəndaşları olan işçilərinə Azərbaycan Respublikasının əmək qanunvericiliyi tətbiq edilir. Azərbaycan Respublikasının vətəndaşı olmayan işçilərinə Azərbaycan Respublikasının əmək qanunvericiliyi Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən olunmuş hallarda tətbiq edilir. Bundan sonrakı bənddə bu qaydaların pozulmasına görə maliyyə sanksiyalarının tətbiq edilməsi qaydaları izah edilir.
Xüsusi iqtisadi rejimin tətbiqi sənədləşdirilməlidir. 7-ci maddədə bu sənədləşdirilmənin qaydaları, hansı sənədlərin tələb olunduğu göstərilir. Hansı prosedurlardan keçməlidirlər, şəhadətnamə necə verilir, ekspert rəyi necə öyrənilir? Bütün bu məqamlar burada göstərilib. Bunların müddəti, geri çağırılması və pozuntulara görə müvafiq cəzalar burada göstərilibdir.
8-ci maddədə xüsusi iqtisadi rejimin pozulmasına görə podratçı və subpodratçının məsuliyyətləri ciddi şəkildə göstərilibdir. 9-cu maddə qanunun qüvvəyə minməsi və qüvvədə olma müddətinə aiddir. Bu da standart bir maddədir. Qanun layihəsi haqqında bu qədər.
Bir neçə məqamı nəzərinizə çatdırmaq istəyirəm. Bu qanun layihəsində “neft-qaz” sözlərinin çox işlənməsinə baxmayaraq, qanun layihəsi birinci növbədə qeyri-neft sektorunun inkişafına yönəldilib. Azərbaycanda əgər hər hansı bir maşınqayırma zavodu Qazaxıstanda, Norveçdə, ya hər hansı bir ölkədə aparılan neft-qaz əməliyyatları üçün avadanlıq istehsal edib kontrakt üzrə sata bilirsə, həmin müəssisə bu qanunun dairəsinə daxil olacaqdır. Kənd təsərrüfatı məhsulları, elektrik kabelləri, inşaat materialları, bunların hamısı bu qanunun tətbiq dairəsinə daxil ediləcəkdir. Əlbəttə, bu gün Azərbaycanda böyük layihələr həyata keçirilən müddətdə zavodlar, müəssisələr, obyektlər yaradılmışdır. Çox güclü, yüksək hazırlıqlı kadr potensialının saxlanılmasına, qorunmasına, inkişafına yönəlmiş bir qanundur. Əminəm ki, bu qanun layihəsinə səs verib qəbul edəcəyik. Birinci oxunuşdur. Yenə də bütün müzakirələrdə iştirak etmiş, tövsiyələrini vermiş yoldaşlarımıza, deputat həmkarlarımıza öz minnətdarlığımı bildirirəm. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun, Valeh müəllim. Vahid Əhmədovun sualı var. Buyurun.
V. Əhmədov. Çox sağ olun, Oqtay müəllim. Valeh müəllim, bu qanun layihəsinin üzərində kim işləyib? Çox, olduqca qəliz dildə yazılıb. Elə bil bunun üzərində, açığını deyim, iqtisadçılar, ümumiyyətlə, işləməyiblər. Bu qanun nəyə xidmət edəcək? Mən bunu anlaya bilmədim. İndi qeyd etdiniz ki, əsasən, qeyri-neft sektorunun inkişafı, yəni avadanlıqların, maşınların, texnikanın gətirilməsi və sair ilə əlaqədardır.
Digər tərəfdən, qanun layihəsində göstərilir ki, bu qanun Xəzər dənizi bölgəsində və digər regionlarda ixrac məqsədli neft-qaz əməliyyatının həyata keçirilməsi üçün faktiki olaraq qəbul olunur. Digər tərəfdən, bu qanun layihəsində bütün əməliyyatları biz əlavə dəyər vergisindən, gömrük vergisindən azad edirik. Aydındır ki, ən gəlirli sahə neft-qaz sənayesidir və bunların vergidən azad edilməsini, ümumiyyətlə, başa düşmək mümkün deyil. Yadınıza gəlirsə, siz komissiyada neft haqqında qanun layihəsini müzakirə edirdiniz. Belə bir qanunun qəbul edilməsinə ehtiyac varsa, bu, Azərbaycanın iqtisadiyyatına nə verəcək? Nəyə görə belə bir qanun layihəsi Milli Məclisə çıxarılır? Bunları anlamaq mənim üçün bir balaca çətindir.
Sədrlik edən. Çox sağ olun. Valeh müəllim, cavab verərsiniz. Birinci oxunuşdur. Bu suala Valeh müəllim cavab verər. Bu layihə üç komissiyanın iclasında müzakirə olunub. Həm İqtisadi siyasət daimi komissiyasında, həm də sizin komissiyada müzakirələr olub. Bu suallara cavab verərlər. Birinci oxunuşdur, müzakirə edək, sonra suallara cavab verilər. Mən özüm də bu suala cavab verərəm. Xeyri çox böyükdür, izah edərlər. Nazim Məmmədov.
N. Məmmədov. Çox sağ olun, cənab Sədr. Bu qanun layihəsi 13–15 il bundan qabaq təqdim olunsaydı, tərəddüd etmədən bunun təşviqatçısına çevrilərdim. Ancaq bu gün əksinə çıxış etmək üçün bir-iki dəlilim var. Vaxtilə neft strategiyası yaranan və Azərbaycana xarici investisiyalar cəlb olunan zaman bu qanun layihəsi ortalığa gəlsəydi, bunun məntiqini başa düşmək olardı. Mən Vahid müəllimlə razıyam ki, bu gün Xəzər hövzəsində transmilli korporasiyalar Azərbaycanın neft sənayesinə kifayət qədər vəsait qoyublar. 1990-cı ilin ortalarında bu, məqbul sayıla bilərdi. Ancaq həmin korporasiyalar, transmilli şirkətlər kifayət qədər imkanlar çərçivəsində hərəkət edə bilərlər, onları xüsusi imtiyazlarla əhatə etmək bu gün yolverilməzdir. Mən qanun layihəsini ötəri oxumuşam.
Qanun layihəsinin 3-cü maddəsində vergi rejimi ilə bağlı güzəştlər yazılıb. Biz hətta Xüsusi iqtisadi zonalar haqqında qanun layihəsində birmənalı yazmışdıq ki, bu zonalarda neftlə bağlı və başqa fəaliyyət növlərinə qanunla qadağa qoyulur. O cümlədən gömrük rejimi ilə bağlı belə qadağalar var. Burada nəzərdə tutulan güzəştlər hətta xüsusi iqtisadi zonalardakı güzəştləri də da ötüb keçir.
3.10-cu maddədə səyyar vergi yoxlaması aparılmadan, ödənilmiş əlavə dəyər vergisinin geri qaytarılması məsələsinin imperativ şəkildə qoyulması düzgün deyil. Mən hesab edirəm ki, qanunlarda kifayət qədər güzəştlərin verilməsi Azərbaycanın müxtəlif iqtisadi sahələrinin canlandırılmasına xidmət etməlidir. Ancaq bu gün Azərbaycanın neft sənayesi kifayət qədər güclüdür və belə bir qanunun gündəliyə gətirilməsinin səbəbinin nədən ibarət olduğunu kifayət qədər təcrübəli insan olan Valeh müəllim izah etməyə güc tapacaq. Mən hesab edirəm ki, bu qanun layihəsinin konsepsiyası üzərində biz kifayət qədər işləməliyik. Mən bilmirəm, hansı səbəbdən bizim İqtisadi siyasət daimi komissiyasında bu qanun layihəsi müzakirə olunmayıb. Ancaq deyirlər ki, müzakirə olunub. Ola bilsin, mən həmin iclasda iştirak etməmişəm. Çox sağ olun.
Sədrlik edən. Nazim müəllim, deyirlər yox, bu qanun layihəsi müzakirə olunub. Yenə deyirəm, Siz çıxışınızın əvvəlində dediniz ki, layihəni ötəri oxumusunuz. Ötəri oxuduğunuz üçün də belə suallar ortaya çıxdı. Bu layihə neft sənayesinə aid deyil. Qanun layihəsini diqqətlə oxusanız, görərsiniz ki, neft-qaz fəaliyyəti ilə bağlı suallar yaranmışdı.
Bir misal deyəcəyəm, qalanlarını çıxış edənlər deyərlər. Dərin özüllər zavodu neçə vaxtdır xarici şirkətlər tərəfindən icarəyə götürülüb. Azərbaycana gəlir də gətirirdi, xeyir də verirdi. İndi bu zavod dayanıb, işləmir. Bizə lazım olan avadanlıqlar Qazaxıstanda, Özbəkistanda var. Orada tenderlər keçiriləndə bütün dünyadan tenderdə iştirak etmək üçün gəlirlər. Azərbaycanda olan dəri zavodu Fransada olan dəri zavodu ilə eyni qiymətlər deyəndə, əlbəttə ki, Fransada olan zavodlar irəli çıxır. Qəbul edəcəyiniz qanunla imkan yaradırıq ki, xarici ölkələrdən Azərbaycana sifarişlər gətirsinlər, iş yerləri açılsın. Axırda mən Valeh müəllimə söz verəcəyəm, suallara cavab verəcək, indi Rafael Cəbrayılov buyursun.
R. Cəbrayılov. Çox sağ olun, cənab Sədr. Hörmətli Sədr, hörmətli Milli Məclis üzvləri, çox yüksək səviyyədə edilən təqdimatdan da görünür ki, bu qanun Azərbaycan iqtisadiyyatı üçün gərəkli bir qanun olacaq. Hörmətli Valeh müəllim də vurğuladı, bu qanun layihəsi neft-qaz sektoruna aid deyil. Bu qanun neft-qaz sektoru ilə bağlı digər sahələrin inkişaf etdirilməsinə, ən başlıcası isə Azərbaycanın dövlət büdcəsinə gəlir gətirə biləcək sahələrin inkişafına xidmət edən bir qanun olacaq. Mən birmənalı şəkildə bu layihəsinin konseptual baxımdan qəbul olunmasına tərəfdaram. Yalnız bəzi xırda təkliflərim var.
Qanun layihəsinin adının bu şəkildə qalması, mən düşünürəm ki, məzmunu ilə uyğunluq təşkil etmir. Bu qanun layihəsinin məzmunundan da görünür ki, Azərbaycan Respublikasının hüdudlarından kənarda neft-qaz fəaliyyəti ilə bağlı sifarişlərin qəbul olunması və onun subpodratçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində müəyyən işlərin görülməsi, xidmətlərin həyata keçirilməsi ilə bağlı fəaliyyətə xüsusi rejim tətbiq olunur. Mən yalnız bunun adının başqa formada yazılmasına tərəfdaram. Yox, əgər ad bu formada qalırsa, mən təklif edərdim ki, “Qanunun məqsədi” adlanan bir maddə də layihəyə əlavə olunsun. Hörmətli Valeh müəllimin dediyi məsələləri həmin maddədə göstərmək olardı.
İkinci təklifimlə bağlı məsələni, düzdür, Valeh müəllim çox yüksək səviyyədə izah etdi. Bu təklifim 3.3 və 3.5-ci maddələrlə, xarici subpodratçılarla yerli subpodratçılar arasında fərqli iqtisadi rejimin yaradılması ilə bağlıdır. Demək olar ki, 3.3-cü maddəyə görə xarici subpodratçılar bütün mənfəət vergilərindən azad edilməklə yalnız onlara ödənilən ümumi kontrakt məbləğinin 5 faizi qədər büdcəyə rüsum ödəyirlər. Bu da onların gəlir vergisini və digər vergiləri əvəz edir. Lakin yerli subpodratçılar isə verginin Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan bütün növlərinə cəlb olunurlar. Mən, sadəcə, bilmək istərdim ki, yerli subpodratçılarla xaricilərin arasında belə bir fərqli rejimin yaradılması hansı zərurətdən irəli gəlir?
Mənim başqa bir təklifim isə 6.1-ci maddə ilə bağlıdır. Burada şəhadətnamə alınandan sonra yerli podratçı və subpodratçılar əmək müqaviləsi əsasında öz işçi kontingentini formalaşdırarkən bir il müddətində bütün işçilərin 80 faizinin yerli vətəndaşlardan komplektləşdirilməsini nəzərdə tutur. Bu bir il nə üçün verilsin? Mən düşünürdüm ki, bir il vaxt vermədən də belə bir müddəanı yazmaq olar.
Mənim başqa bir kiçik təklifim də layihənin 9.2-ci maddəsi ilə bağlıdır. Burada mən yalnız qanun layihəsinin dili ilə bağlı bir irad tutmaq istəyirəm. Fikrimcə, bu dil qanun dilinə bənzəmir. Burada yazılıb: “...Azərbaycan Respublikasının qanunvericiliyində bu qanunla podratçılara və subpodratçılara yaradılan şəraiti pisləşdirən dəyişikliklər edilərsə, həmin dəyişikliklər onlara şamil olunmur”. Mən düşünürəm ki, bu, qanun dili deyil. Burada belə yazmaq olar: “Bu münasibətləri tənzimləyən qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən və bu Qanundan ibarətdir”. Sözsüz, gələcəkdə podratçı və subpodratçıların statusunun dəyişilməsi yalnız bu qanuna edilən dəyişikliklərlə ola bilər. Başqa formada onları dəyişmək mümkün deyil. Mənim təkliflərim bu qədər. Mən təkrarən hörmətli həmkarlarımı konseptual baxımdan bu qanun layihəsinin qəbul olunmasına səs verməyə dəvət edirəm. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Birinci oxunuşda qanun layihəsi haqqında hər birimiz konseptual baxımdan fikrimizi deməliyik. Astan Şahverdiyev.
A. Şahverdiyev. Çox sağ olun, Oqtay müəllim. Bu qanun layihəsi müasir və vaxtında hazırlanmış olduğundan bunun lehinə səs verəcəyəm. Burada suallar oldu ki, bu qanunun qəbul olunmasında məqsəd nədir, hansı amallara xidmət edir? İlk növbədə deyim ki, ölkənin neft sərvəti dövlət mülkiyyətindədir. Burada xüsusi mülkiyyətə də bu prosesdə iştirak etmək imkanı yaradılır. Bu da, bilirsiniz ki, ölkədə son zamanlar investisiyaların müəyyən qədər aşağı düşməsi diktəsindən irəli gəlir. Bundan başqa, belə bir qanunun qəbul olunması bir sıra sosial problemlərin həllinə gətirib çıxaracaq.
Bayaq Siz, Oqtay müəllim, dərin özüllər zavodunu misal gətirdiniz. Orada qabaq 15 minə yaxın, bu gün isə cəmisi 500 adam işləyir. Bu həmin işçilərin yenidən zavoda qaytarılıb işlə təmin olunması probleminə xidmət edəcək. Bundan başqa, dövlət büdcəsinə daxilolmaları artıracaq. Azərbaycandakı müasir neft sənayesini və neft sənayesi ilə bağlı olan infrastrukturun qorunub saxlanılması zəruridir. Bilirsiniz ki, Azərbaycanı “neft akademiyası” adlandırırdılar. Bu cür qanun yüksək səviyyəli mütəxəssislərin, iş yerlərinin, infrastrukturun qorunub saxlanmasına xidmət edəcək.
Düzdür, konseptual baxımdan belə bir qanun qəbul olunmalıdır. Amma qanun layihəsi ilə bağlı mənim bir neçə qeydim var. Bu qanunda bəlkə ayrıca ekoloji aspektlər nəzərə alınmalıdır? Bilirsiniz ki, bu saat müasir dünyada iqtisadiyyat, bir də ekologiya bir sxem üzrə gedir. Burada fikir səsləndi ki, qanun layihəsi çox qəliz dildə yazılıb, başa düşmək olmur. Məsələn, burada “subpodratçı” anlayışı var. Əksəriyyət bilir ki, “sub” ingilis dilindən alınmış sözdür, “altında” deməkdir. Bu söz leksikonumuza daxil olur və hamı da işlədir. Bunu gələcəkdə başqa bir sözlə əvəz etmək mümkündür.
Digər tərəfdən, burada “xüsusi çəki” anlayışı işlədilir. Valeh müəllim neft sənayesi üzrə mütəxəssisdir. Artıq 20–30 ildən çoxdur “xüsusi çəki” anlayışı işlənmir, “sıxlıq” işlənir. Yəni bu da fiziki termindir. Sonra “qazaoxşar faza” yazılır. Konkret “maye faza”, “buxar faza”, “bərk faza” anlayışları var. “Qazaoxşar faza” anlayışı yoxdur. Bu qədər. Bütövlükdə mən də qanun layihəsinin lehinə səs verirəm və gələcək oxunuşlarında da bu qanunun qəbul olunmasının lehinə səs verəcəyəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Mirkazım Kazımov.
M. Kazımov. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bu gün hamıya, bütün ölkə ictimaiyyətinə də məlumdur ki, ümummilli liderimiz Heydər Əliyevin neft strategiyasının uğurla həyata keçirilməsi nəticəsində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir. Dövlətimiz ilbəil daha da qüdrətlənir.
Müzakirəyə çıxarılan bu qanun layihəsi neft-qaz sənayemiz üçün, onun inkişafı, bu sahədə fəaliyyət göstərən milli şirkətlərimiz və mütəxəssislərimiz üçün çox lazımlı və vacib normativ hüquqi aktdır. Neft-qaz sənayesində son dövrlər yaranan yeni şərait, müasir iqtisadi münasibətlər, xüsusilə ixrac məqsədli neft-qaz fəaliyyəti üçün daha əlverişli hüquqi bazanın azlığı yeni bir qanunvericilik aktının qəbul olunmasını tələb edir. Mükəmməl işlənib hazırlanmış qanun layihəsi bu tələblərə cavab verir.
Qanun layihəsi, deyildiyi kimi, üç daimi komissiyanın birgə iclasında ətraflı müzakirə edilən zaman çox yaxşı təkliflər oldu. Bizə paylanmış layihənin mətnindən göründüyü kimi, işçi qrupu Valeh müəllimin rəhbərliyi ilə verilmiş təkliflər əsasında sənədi təkmilləşdirmiş, onu daha da mükəmməl şəklə salmışdır. Qanunun qəbulu və qüvvəyə minməsi nəticəsində ölkə daxilində və onun hüdudlarından kənarda neft-qaz fəaliyyətinin digər sahələrinin, xüsusilə də qeyri-neft sektorunun cəlb olunması üçün əlverişli şərait yaranaaqdır. Bu bir növ xüsusi iqtisadi fəaliyyət olacaqdır. Qanun layihəsində təklif olunan xüsusi vergi rejimi, valyuta rejimləri, ayrı-ayrı müddəalar ətraflı və anlaşıqlı şəkildə öz izahını tapır.
Sənəddə verilən mühüm məsələlərdən biri ixrac məqsədi ilə neft-qaz fəaliyyəti zamanı yerli işçi qüvvələrdən istifadə məsələsidir. Bu fəaliyyət zamanı yerli mütəxəssislərə lazımi şəraitin yaradılması hüquqi cəhətdən əksini sənəddə tam şəkildə tapa bilmişdir. Qanun layihəsinin əsas müddəalarından biri podratçılar və subpodratçılar üçün yaradılan xüsusi iqtisadi rejimin sənədləşdirilməsi müddəasıdır. Bu müddəa qanun layihəsinin, demək olar ki, əsasını təşkil edir.
Burada xüsusi rejimin podratçıya və ya subpodratçıya şamil edilməsini təsdiqləyən şəhadətnamənin verilməsi şərtləri və qaydalarının əsas prinsipləri, qüvvədə olma müddəti, onun ləğv edilmə halları, şəhadətnamədə göstərilən məlumatlar öz əksini tapir. Bütövlükdə bu qanunun qəbulu ilə podratçıların və subpodratçıların xüsusi iqtisadi rejim şəraitində fəaliyyətinin tənzimlənməsi sahəsində qanunvericilikdə mövcud olan boşluqlar aradan qaldırılacaq. Xüsusilə ölkədən kənarda çalışan şirkətlərimiz və mütəxəssislərimiz üçün lazımi, hüquqi baza təmin ediləcəkdir. Son olaraq qeyd etmək istərdim ki, qanun layihəsi birinci oxunuşun tələblərinə cavab verir. Sənədin birinci oxunuşda qəbul olunmasını təklif edirəm. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun, Mirkazım müəllim. Aydın Abbasov.
A. Abbasov. Çox sağ olun, cənab Sədr. Valeh müəllim, mən də verdiyiniz geniş məlumata görə Sizə dərin minnətdarlığımı bildirirəm. Qanun layihəsi, həqiqətən də, adı çəkilən qurumlar tərəfindən hazırlanmışdır. Mən hesab edirəm ki, hörmətli həmkarlarımız bu qanun layihəsinin məhz lehinə səs verəcəklər. Bununla bərabər, öz çıxışımı arayış şəklində qurmaq istərdim.
Hörmətli cənab Sədr, bildiyiniz kimi, 1994-cü il sentyabrın 22-də Bakıda imzalanan, sonradan “Əsrin müqaviləsi” adlanan saziş ölkənin iqtisadi inkişafının bünövrəsini təşkil etdi. Bununla da yeni neft strategiyasının uğurla həyata keçirilməsi başlandı. Bu strategiya çərçivəsində bir sıra qanunlar qəbul edilmişdir. Onların sırasında neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya, “İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu, “Xarici investisiyaların qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu və sair. Həmin qanunların qüvvəyə minməsinin nəticəsi olaraq 1994-cü ildən etibarən ölkəyə birbaşa xarici investisiyaların axını başladı. İnvestisiyaların əksəriyyəti ölkə iqtisadiyyatının lokomotivinə çevrilmiş neft sektoruna qoyulsa da, bu, ölkənin qeyri-neft sektoruna da müsbət təsirini göstərdi.
Neft strategiyası çərçivəsində 2006-cı ildə Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri istifadəyə verildi. Nəzərə alsaq ki, birbaşa xarici investisiyalar iri neft layihələrinin maliyyələşdirilməsinə yönəldilmişdir, neft və qaz yataqlarında investisiya tələb edən işlərin dağılması nəticəsində xarici investisiyaların azalması gözlənilən idi və bu proses 2007–2010-cu illərə proqnozlaşdırılmışdır. 1999-cu ildən bəri ilk dəfə olaraq daxili investisiyaların həcmi xarici investisiyaların həcmindən çox oldu. Bu daxili investisiyaların artımı ilə yanaşı, xarici investisiyaların 2006-cı ilə nisbətən 14,7 faiz azalması ilə izah olunurdu.
Hörmətli cənab Sədr, Azərbaycanda on illərlə yaradılan infrastruktur bu işlərlə bərabər Azərbaycanda çox yüksək səviyyəli peşəkarlar da yetişdirmişdir. Mən hörmətli həmkarlarımızın bir məsələyə də diqqət yetirmələrini xahiş edərdim. Məhz bu qanunun qəbul olunması Azərbaycanı dünya ticarətində yalnız xam neft və qaz ixracçısı kimi deyil, həm də neft-qaz sektorunda xidmət ixracatçısı kimi tanıdacaqdır. Ona görə mən hörmətli həmkarlarımızı bu layihəyə səs verməyə çağırıram. Sağ olun, Oqtay müəllim.
Sədrlik edən. Sağ olun. Rövşən Rzayev.
R. Rzayev. Çox sağ olun. Hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri! Komissiyanın iclasında biz də iştirak etmişik. Bildirmək istəyirəm ki, hüquqi, texniki baxımdan qanun layihəsi çox məzmunlu və mükəmməl hazırlanmışdır. İnanıram ki, bu qanun layihəsi həm birinci, həm də ikinci oxunuşda qəbul olunandan sonra öz töhfəsini Azərbaycana verəcəkdir. Bütün həmkarlardan xahiş edirəm, qanun layihəsini dəstəkləsinlər. Sağ olun.
Sədrlik edən. Çıxışlarda təkid edən yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yoxdur. Mən hesab edirəm, qanun layihəsi konseptual cəhətdən birinci oxunuşa tam hazırdır. Azərbaycan iqtisadiyyatı üçün çox vacib qanun olacaqdır. Birinci oxunuşda qanunu səsə qoyaq və hörmətli deputatların verdikləri təkliflər çox gözəl təkliflərdir. Rafael müəllim də yaxşı təkliflər verdi. Bu təklifləri nəzərə alaraq qanun layihəsi ikinci oxunuşa hazırlanar və bunu müzakirə edərik. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 17.18 dəq.)
Lehinə  81
Əleyhinə  1
Bitərəf  1
Səs vermədi  0
İştirak edir  83
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Bir də, ikinci oxunuşa qədər Valeh müəllim də, Ziyad müəllim də burada qaldırılan sualları aydınlaşdırarlar.
İndi keçirik növbəti məsələyə. Reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması haqqında Azərbaycan Respublikasının qanun layihəsini Məlahət xanım təqdim edəcək. Mən bu gün iclasda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət xanımı, Bakı Şəhər Səhiyyə İdarəsinin rəisi Leyla xanımı, Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktoru Faizə xanımı görürəm. Lazım gəldikdə qonaqlarımız da müzakirələrdə iştirak edəcəklər. Məlahət xanım, buyurun.
M. İbrahimqızı, Milli Məclisin Sosial siyasət daimi komissiyasının üzvü.
Çox sağ olun, Oqtay müəllim. Hörmətli cənab Sədr, hörmətli həmkarlar! Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında Azərbaycan Respublikası qanunu Azərbaycan cəmiyyətində çox yeni bir anlayış, yeni bir qanun olacaqdır. Ona görə, ola bilsin ki, bizim müzakirələrdə müəyyən fikir ayrılıqları, mübahisələr yaransın. Biz qanun layihəsini hazırlayarkən arzulayırdıq ki, hər bir millət vəkili bunun müzakirəsində yaxından iştirak etsin, qanun layihəsinin daha mükəmməl və təkmil olması üçün öz faydalı tövsiyələrini versin. İcazə verin, mən reproduktiv sağlamlıq, ailə planlaşdırılması haqqında bir neçə fikrimi sizə bildirim.
Hörmətli həmkarlarımız, yaşadığımız müasir dövrdə əhalinin sağlamlığının qorunması bəşəriyyəti düşündürən ən vacib məsələlərdən biridir. Səhiyyə sahəsində çox böyük nailiyyətlər əldə olunsa da, insanların sağlamlığını, bəşəriyyətin gələcəyini təhlükə altına alan çox ciddi amillər də mövcuddur. Bu gün dövlətlərin qarşısında duran əsas vəzifələrdən biri məhz elmi-texniki nailiyyətlərdən istifadə edərək insanların sağlamlığını qorumaq, gələcək nəslin sağlam doğulub boya-başa çatmasını təmin etməkdir. Təbii ki, insan sağlamlığının qorunması təkcə demoqrafik siyasət və ya demoqrafik təhlükəsizlik kimi deyil, iqtisadiyyatın təməl prinsiplərindən olan insan resursunun qorunması, onun səmərəli istifadəsi, xüsusilə təkrar istehsalı baxımından da əhəmiyyətlidir. Bu mənada hüquqi vasitələrlə tənzimlənməsi zəruri olan əhalinin sağlamlığının qorunması həm də dövlətin sosial-iqtisadi fəaliyyət sahələrindən biridir. Məhz dövlətin bu fəaliyyətinin təhlükəsizliyi baxımından da reproduktiv sağlamlıq məsələsi aktual olaraq gündəmə gəlmişdir.
“Reproduktiv” sözü latın sözü olub, “reproduksiya” sözündən götürülmüşdür, “təkrar istehsal” deməkdir. Səhiyyədə insanın genetik cəhətdən özünə bənzər və yaxud özünə oxşar orqanizm istehsal etməsi mənasında da işlənilir. “İnsanın reproduksiyası” dedikdə insan nəslinin artırılması və bu nəslin davam etdirilməsi başa düşülür. Reproduktiv sağlamlıq insan sağlamlığının mühüm sütunlarından birini təşkil etməklə yalnız reproduktiv sistemin, yəni nəslin artırılmasına xidmət edən sistemin deyil, bütövlükdə orqanizmin sağlam olması deməkdir. Çünki sağlam nəsil yetişdirmək üçün sağlam orqanizm, sağlam psixi vəziyyət və bir sözlə, əlverişli sosial rifah və təmiz ətraf mühit başa düşülür. Reproduktiv sağlamlıq insanların nəsilartırma qabiliyyətinə, təhlükəsiz birgə ailə həyatı yaşamasına, istənilən vaxt və istənilən sayda sağlam uşağın doğulmasına şərait yaradır.
Reproduktiv sağlamlıq məsələsinin son onilliklərdə aktual olmasının və ilbəil bu aktuallığın daha çox əhəmiyyət kəsb etməsinin səbəbləri insan amilinin qlobal dəyərə çevrilməsi, dünyanın təkcə qlobal sosial probleminin dəyərləndirilməsində deyil, dünyada mövcud olan qlobal təhlükələrin artmasında və əmələ gəlməsində qadın sağlamlığının bir vasitə rolunu oynamasıdır. Səhiyyədə yeni texnologiyaların tətbiqi, müxtəlif yeni tibbi və dərman vasitələrinin mövcudluğu insanlara ailə planlanması və qorunması istiqamətində yeni imkanlar yaratsa da, hazırda bu problem dünyanın və minilliyin aktual çağırışlarındandır.
Əziz həmkarlarım, beynəlxalq təşkilatların və araşdırma mərkəzlərinin apardığı tədqiqatlara, eyni zamanda, Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumatlara görə hər il dünyada reproduktiv sağlamlıqla bağlı ölənlərin sayı müxtəlif silahlı konfliktlərdən ölənlərin sayından dəfələrlə çoxdur. Bunu müqayisə üçün sizin diqqətinizə çatdırmaq istərdim. Hər il dünyada doğuşla bağlı 500 min ana – qadın dünyasını dəyişir. Bu rəqəmi daha dəqiq ifadə etsək, hər dəqiqə bir ana doğuşla bağlı dünyasını dəyişir. Yüz minlərlə ailələr anasız, yüz minlərlə, milyonlarla uşaqlar yetim qalırlar. Cinsi yolla yoluxan xəstəliklər, o cümlədən AİDS-SPİD adlanan xəstəlik bütün dünya üçün, eləcə də ölkəmiz üçün çox böyük təhlükədir. Bu gün dünyada 32 milyon bu virusun daşıyıcısıdır, 300 milyon isə xəstədir.
Mən Səhiyyə Nazirliyinin verdiyi bir neçə rəqəmi diqqətinizə çatdırmaq istərdim. Həqiqətən, Azərbaycan üçün də bu çox təhlükəli bir problemdir, yəni 2006-cı ildə əgər ölkəmizdə yoluxanların sayı 100 nəfər idisə, 2008-ci ilin bu günə olan məlumata görə 1771-dir. Bu rəqəmlərə diqqətlə nəzər salsanız, görərsiniz ki, ölkəmizdə 1998-ci ildə 36 xəstə var idisə, bu gün, 2008-ci ildə 1771 xəstə artıq qeydiyyata alınıbdır ki, onların da 70 faizindən çoxu gəncdir. Bu faktlar reproduktiv sağlamlığın nə qədər vacib bir problem olduğunu bir daha aydın göstərir. Reproduktiv sağlamlığa təsir göstərən xəstəliklərdən biri də qadınlar arasında çox geniş yayılmış döş vəzilərinin və uşaqlıq boynunun xərçəngidir. Bir rəqəmi diqqətinizə çatdırmaq istərdim. Son 5 ildə ölkəmizdə qadınların döş vəzi xərçəngindən əziyyət çəkməsi 3 dəfə artmışdır. Ölkəmizdə hər 10 min qadının 33 nəfəri uşaqlıq boynunun xərçəngi xəstəliyindən əziyyət çəkir.
Əziz həmkarlarım, ümumiyyətlə, analığın qorunmasına, qadının, ailənin qorunmasına xidmət edən reproduktiv sağlamlıq məsələsi bizim təqdim edəcəyimiz qanun layihəsində də öz əksini tapmışdır. Bu gün beynəlxalq sənədlərdə nəzərdə tutulduğu kimi, reproduktiv sağlamlığın mahiyyətinin əsası demoqrafiya və inkişaf olsa da, ananı və ailəni qorumaqla qadının sağlamlığını dünyada cəmiyyətin, millətin və dövlətin prioritetinə çevirməkdən ibarətdir. Bu mənada Birləşmiş Millətlər Təşkilatı və onun əhali fondu tərəfindən 1994-cü ildə Qahirədə keçirilmiş beynəlxalq konfransda, eləcə də 2000-ci ilin sentyabr ayında Nyu-Yorkda keçirilmiş minilliyin İnkişaf Sammitində, beynəlxalq konfransların qəbul etdikləri sənədlərdə reproduktiv sağlamlıq məsələsinin dünya, eyni zamanda, BMT-yə üzv dövlətlər üçün prioritet məqsədlər olması öz əksini tapmışdır.
Xatırlatmaq istərdim ki, sonuncu konfransda qəbul edilmiş yeddi əsas strategiyanın, yəni yoxsulluğun azaldılması, ümumtəhsil proqramı ilə bərabər, ana ölümünün azaldılması, uşaq ölümünün azaldılması, AİDS və infeksion xəstəliklərə qarşı mübarizə eyni səviyyədə aktualdır. Qəbul edilmiş bütün sənədlər BMT-yə üzv olan ölkələr tərəfindən qəbul olunmuşdur. Xatırlatmaq istərdim ki, 170-dən çox dövlət rəhbərinin iştirak etdiyi hər iki konfransda ulu öndərimiz, xalqımızın ümummilli lideri Heydər Əliyev iştirak etmiş və burada çıxış etmişdir.
Fürsətdən istifadə edərək, əziz həmkarlarım, mən sizə bir də xatırlatmaq istərdim ki, bu yaxınlarda ölkəmizdə Prezident seçkiləri başa çatmışdır. Prezident seçkiləri ərəfəsində cənab İlham Əliyevin seçkiqabağı platformasında səhiyyə ilə bağlı qarşıdakı 5 ildə görəcəyi işlərin içərisində ölkəmizdə reproduktiv sağlamlığın və eləcə də ailə planlaşdırılmasının getdikcə respublikamızın hər yerində böyük şəbəkə halına düşməsi, eləcə də ana və uşaq ölümünün azaldılması istiqamətində görəcəyi işlər öz əksini tapmışdır.
Nəsil artırmaq, təhlükəsiz həyat yaşamaq, sağlam uşaqları dünyaya gətirmək və valideyn olmaq istəyi, ehtiyacı insanın şüurlu varlıq olaraq təbiətindən irəli gəlir. Onun həyatının əsas qayəsini təşkil edir. Müasir dövrdə isə ən müxtəlif obyektiv və subyektiv səbəblərdən reproduktiv sağlamlıqla bağlı ciddi problemlər qalmaqdadır. Reproduktiv sağlamlıq və ailə planlaşdırma məsələləri birbaşa əhalinin sayının, onun cinsi tərkibinin tənzimlənməsi ilə şərtləndirilir. Reproduktiv sağlamlıq, eyni zamanda, demoqrafik təhlükəsizliyin də əsasıdır. Qərb də və Rusiya da hamımıza məlumdur ki, çox ciddi reproduktiv böhran yaşayır. Ölüm doğumu xeyli üstələyib, əhalinin təbii artımında ciddi problemlər var. Mən bircə Rusiyanın timsalında diqqətinizə çatdırmaq istərdim ki, hər il Rusiyada 720 nəfər azalır, yəni 1 milyona yaxın əhali azalır. Belə ki, orada ölüm doğumdan getdikcə daha çox olur. Təbii ki, demoqrafik təhlükəsizliyin qorunmaması milli genefonda, əhalinin təkrar istehsalına, iqtisadiyyata, orduya və işçi qüvvələrinin ümumi sayına da güclü təsir edir.
Sevindirici haldır ki, son illərdə demoqrafiya sahəsində xeyli işlər görülmüşdür. Bir sıra normativ hüquqi aktlar qəbul edilmişdir. Daxili miqrasiya, o cümlədən rayonlarda həyat səviyyəsinin yaxşılaşdırılması, yoxsulluğun azaldılması, infrastrukturun gücləndirilməsi nəticəsində şəhərlərə axın azalmış, ölkədə yüz minlərlə iş yerlərinin yaradılması nəticəsində xarici ölkələrə axın azaldılmışdır. Statistik təhlil göstərir ki, Azərbaycanda hazırda əlverişli demoqrafik mühit mövcuddur.
Ailə planlaşdırılması ilə, ümumiyyətlə, reproduktiv sağlamlıqla bağlı Səhiyyə Nazirliyində də, Azərbaycan Milli Məclisində də, milli qanunvericiliyimizdə də xeyli işlər görülmüşdür. Azərbaycanda məhz səhiyyə ilə bağlı ayrı-ayrı sahələr üzrə kifayət qədər qanunlar qəbul olunmuşdur. Lakin hələ də reproduktiv sağlamlıq və ailə planlaşdırılmasının tənzimlənməsi ilə bağlı müəyyən boşluqlar var. Odur ki, bu qanunun gələcəkdə sizin tərəfinizdən qəbul olunması həmin boşluğun doldurulması və ölkəmizin qarşıya qoyduğu prioritetlərin həyata keçirilməsinə böyük dəstək olacaqdır. Mətbuatdan sizə məlumdur, hələ də ölkəmizdə ana və uşaq ölümü, ana xəstəlikləri ilə bağlı müəyyən problemlər qalmaqdadır. Rəsmi statistikaya görə ölkəmizdə uşaq ölümü hər 1000 diri doğulmuş uşağa 10,1 faizdir. Amma YUNİSEF-in, Səhiyyə Nazirliyinin verdiyi məlumata görə bu rəqəm xeyli artıqdır. Ana ölümü və uşaq ölümü, ana xəstəlikləri, erkən nikaha getmə də ciddi maneçilik və problemdir. Bu gün ölkəmizdə təəssüf hissi ilə demək istərdim ki, erkən nikaha getmə də var. Verilən bəzi statistik məlumatlara görə nikahların ümumi sayının 23,2 faizini 19 yaşa qədər erkən nikaha getmə halları təşkil edir.
Mən vaxtınızı çox almamaq üçün qısaca olaraq reproduktiv sağlamlıqla bağlı görülmüş işlərin ən vaciblərini diqqətinizə çatdırmaq istərdim. 2006-cı il sentyabrın 15-də “Ana və uşaqların sağlamlığının qorunması haqqında” Tədbirlər Proqramı Nazirlər Kabineti tərəfindən təsdiq olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Ümumdünya Səhiyyə Təşkilatının Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu ilə birgə hazırladığı 2008–2015-ci illər üçün reproduktiv sağlamlığa dair milli strategiya və bu strategiyadan irəli gələrək 2008–2010-cu illər üçün mərhələli fəaliyyət planı hazırdır və fəaliyyət göstərir. Hazırda Azərbaycanda reproduktiv sağlamlıq və ailə planlaşdırılması ilə bağlı məsələləri tənzimləyən ayrıca qanunvericilik aktı mövcud deyil. Mən nəzərinizə çatdırmaq istərdim ki, artıq dünyanın 144 ölkəsində reproduktiv sağlamlıq və ailə planlaşdırılması ilə bağlı qanunlar qəbul olunmuşdur.
Hörmətli millət vəkilləri, əziz həmkarlarım, müzakirənizə təqdim olunan qanun layihəsi 4 ildən artıqdır ki, Milli Məclisin Sosial siyasət daimi komissiyası və Səhiyyə Nazirliyinin tanınmış aparıcı mütəxəssisləri tərəfindən araşdırılır, öyrənilir. Azərbaycanın milli xüsusiyyətlərinə uyğun formada qəbul olunması üçün səylər göstərmişlər. Bunun üçün Səhiyyə Nazirliyində müvafiq mütəxəssislərdən ibarət böyük heyətdə işçi qrupu yaradılmışdır. Bu işçi qrupu Milli Məclisin işçi qrupu ilə birgə layihəni hazırlamışdır. Qanun layihəsi, ümumilikdə, 5 fəsil, 5 maddədən ibarətdir. I fəsil ümumi müddəalardan ibarətdir. Bu fəsildə əsas anlayışlar və qanunvericiliklə bağlı müəyyən müddəalar təsbit olunmuşdur. II fəsil Reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması sahəsində hüquqlar adlanır. Qanun layihəsi hər birinizə paylanıb. Ayrı-ayrı fəsillər, maddələrin adını çəkmək istəməzdim. Fürsətdən istifadə edərək, cənab Sədr, Sizə də minnətdarlığımı bildirmək istərdim. Reproduktiv sağlamlıqla bağlı Avropa Parlamentlər Forumu, onun baş katibinin və hörmətli Bahar xanım Muradovanın iştirakı ilə böyük ictimai dinləmə də oldu. Komissiyamızda da dəfələrlə müdafiə olunub.
Bu qanun layihəsi ilə bağlı müəyyən fikir ayrılıqları mövcuddur. Xüsusilə donorluqla, bir də 13.1-ci maddə, surroqat ana ilə bağlı ciddi mübahisələr var. Mənim özümün də şəxsən bu maddəyə birmənalı münasibətim yoxdur. Amma istənilən zaman qanun layihəsi sizin müzakirənizdən sonra qəbul olunacaq. Mənim sizdən bir xahişim ondan ibarətdir ki, həqiqətən də, Reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması haqqında qanun Azərbaycanda ailələrin qorunması, analığın qorunmasına yönələn bir qanun olacaqdır. Mən bir daha xatırlatmaq istərdim ki, 2000-ci ildə Minilliyin İnkişaf Sammitində Birləşmiş Millətlər Təşkilatına böyük bir şüar yazıb vurmuşdular. Həmin şüarda qeyd olunurdu: “Dünya anaları qorumalıdır ki, analar da dünyanı qorusunlar!” Bu qanun layihəsinin millət vəkillərinin dəstəyinə ehtiyacı var. Təbii ki, ayrı-ayrı maddələr üzrə nə təklifləriniz, faydalı tövsiyələriniz olsa, bizim işçi qrupu tərəfindən və Sosial siyasət daimi komissiyası tərəfindən qəbul olunmasına hazırıq.
Fürsətdən istifadə edərək, bu qanun layihəsinin hazırlanmasında zəhmət çəkən hər bir insana, qadın millət vəkillərinə, həkim millət vəkillərinə öz dərin minnətdarlığımı bildirmək istəyirəm. Səhiyyə Nazirliyinin ekspertlərinə, baş mütəxəssislərinə öz dərin minnətdarlığımı bildirmək istərdim. Bahar xanım, Hadi müəllim, Sizə minnətdarlığımı bildirmək istəyirəm. İlk gündən bu günə qədər bizə mənəvi dəstək vermiş hörmətli Oqtay müəllimə minnətdarlığımı bildirmək istərdim. Çox sağ olun.

Azərbaycan  Respublikası  Milli  Məclisi  Sədrinin
birinci  müavini  Z. Əsgərov  sədrlik  edir

Sədrlik edən. Sağ olun, Məlahət xanım. Qanun layihəsinin müzakirəsinə başlayırıq. Siyavuş Novruzov.
S. Novruzov. Təşəkkür eləyirəm, hörmətli Ziyafət müəllim. Hörmətli Milli Məclis deputatları! Bu qanun layihəsi ilə bağlı ictimaiyyətdə çox gərgin bir münasibət var. Mən çox təəssüf eləyirəm ki, mənim çox istədiyim insanlar bu qanun layihəsini hazırlayıblar, ortaya çıxarıblar. Burada istər Səhiyyə Nazirliyi tərəfindən, istərsə də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən iştirak eləyənlərə və digər insanlara böyük hörmətim var. Amma mənim birinci kəlməm ondan ibarətdir ki, Milli Məclis bu qanun layihəsinin əleyhinə səs verməlidir. Belə bir qanun layihəsini qəti şəkildə Azərbaycan ictimaiyyətinə buraxmaq olmaz. Mən hesab edirəm ki, bu çox ziyanlı, Azərbaycan cəmiyyətinin maraqlarını ifadə etməyən, Azərbaycanın milli psixologiyasına, Azərbaycanın bütün milli-mənəvi dəyərlərinin əleyhinə olan bir qanun layihəsidir.
Bunu hüquqi baxımdan izah etmək istəyirəm. Qanun layihəsinin adında “ailənin planlaşdırılması” sözləri də var. Hörmətli Məlahət xanım da çıxışında ailənin planlaşdırılması məsələsini xüsusi vurğuladı. Ailənin planlaşdırılması Azərbaycan Respublikasının Nikah və Ailə Məcəlləsində öz əksini tapıbdır. Burada göstərilən müəyyən müddəalar Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müəyyən normativ aktları ilə tənzimlənə bilər. Bu gün hər bir Azərbaycan vətəndaşı bu qanun layihəsini, oradakı milli mənəviyyatımıza zidd olan fikirləri oxusa, öz deputatından hesabat tələb edəcəkdir. Düzdür, ailə sağlamlığı ilə bağlı bir neçə söz yazılıb və qalanları nədən ibarətdir? Azərbaycan demokratik dövlətdir, Azərbaycan Avropaya inteqrasiya edir.
Bunları başa düşürəm. Amma cənab Prezident də dedi ki, bizim Avropaya inteqrasiyamızın və demokratiyamızın öz xüsusiyyətləri var. Bu, milli-mənəvi dəyərlərin öndə tutulması, üstün olmasından ibarətdir. Burada elə müddəalar var ki, insan oxuyanda xəcalət çəkir. Bunu paylayıblar burada oturan deputatlara və deyirlər ki, gəlin, bu qanun layihəsinə səs verək və qəbul edək. Elə şeylər olmaz, kimin nə işi var, getsin, eləsin. Allah işini avand eləsin. Amma bunu qanun layihəsinə salmaq, qanuniləşdirmək olmaz. Bu, cəmiyyətin ziddinə işləyən bir məsələdir. Azərbaycan müasir dövlətdir, islam dövlətidir, islam dövləti deyəndə, yəni dinimiz islamdır, təriqətimiz islamdır. İslamda da bu Peyğəmbərimiz tərəfindən, Allah-taaladan da belə şeylərin əleyhinə kifayət qədər... Burada hacılar da var və digər adamlar da...
Sədrlik edən. Siyavuş müəllim, üzr istəyirəm. Bir az konkretləşdirin. Burada bizim mənəviyyatımıza zidd olan nədir? Bu nə deməkdir?
S. Novruzov. Layihəni maddə-maddə müzakirə etmirik, Ziyafət müəllim, birinci oxunuşdur. İkinci oxunuş gəlib çatmayacaq, yəqin ki? Çatsa, ikinci oxunuşda maddə-maddə bu məsələləri biz müzakirə edə bilərik. Əgər istəyirsinizsə, konkretləşdirim. Hətta hüquqi baxımdan burada düzgün yazılmayıbdır. 1.0.2-ci maddədə yazılır: “insanın nəsil artırma sisteminə aid olan və şəxsin uşaq dünyaya gətirə bilmə xüsusiyyətlərini təyin edən”. Burada “şəxsin” yazmaq olmaz, “müəyyən qadının” yazmaq olar. İkinci bir tərəfdən. Bütün müddəalar daban-dabana Azərbaycan mənəviyyatına ziddir. Mən hesab edirəm ki, bu qanun layihəsini biz qəbul edə bilmərik.
Sonra, Eldar müəllimin damazlıq haqqında qəbul elədiyi qanunla bunun arasında bir şey qalmayıb. Elə oradan götürüb köçürərdiniz buraya, qurtardı getdi bu məsələlər. Mən hesab eləyirəm ki, bu qanun layihəsi geri qayıtmalıdır, onun üzərində işlənməlidir, xüsusi müddəalar buradan çıxarılmalıdır. Ailə sağlamlığı ilə əlaqədar hər hansı bir qanun layihəsini biz qəbul edə bilərik. İndi bəziləri fikir söyləyəcəklər ki, kimlər gedir, xaricdə nəsə eləyir, neyləyir, nə təhər edir? Onların babalı öz boyunlarına. Azərbaycan millətinə, Azərbaycan insanına, Azərbaycan qadınına bu yaraşmaz. Azərbaycanda bu problem yoxdur. 5–10 il bundan qabaq hər rayonda, hər bir kənddə hər bir ana 8–10 uşaq dünyaya gətirib, sağlamlığına da heç bir təsiri olmayıb. Sağlam övladlar yetişdirib. Elə burada oturan Milli Məclis deputatlarının ailələrinin hərəsində 6–10 uşaq var.
Avropada, mən başa düşürəm, deqradasiya gedir, Rusiyada və Avropada azalma prosesi gedir. Rusiyada ildə 1 milyon əhali azalır. Təbii ki, bunlar müxtəlif yollar axtarırlar, Vladimir Putin bəyanat verdi və qərar qəbul etdi. İki uşağa görə mükafat ayırdı və sair. Azərbaycanda bu problem ömrü boyu olmayıbdır və bundan sonra da olmayacaq. Azərbaycanın bu məsələdə kifayət qədər potensialı var. Ona görə də mən hesab etmirəm ki, belə addımları atmaq zərurəti ortaya çıxıb. Mən bu qanun layihəsinin əleyhinəyəm, səs verməyəcəyəm. Deputat həmkarlarımı da bunun əleyhinə səs verməyə çağırıram. Sağ olun.

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir

Sədrlik edən. Fəzail Ağamalı.
F. Ağamalı. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Təbii ki, mən də Siyavuş Novruzovun demiş olduğu sözlərlə tam həmrəyəm və fikirlərimi arqumentləşdirməyə çalışacağam. Bəli, bu gün dünyanın elə bir ölkəsi ola bilər ki, orada bu cür qanuna ehtiyac var, həmin ölkələrdə insan dünyaya gətirilməsində yetərincə problemlər mövcuddur. Xüsusilə bu problemlər kişilərə aiddir. Yəni statistika göstərir ki, Rusiyada, Avropanın inkişaf etmiş ölkələrində kişilərin uşaq gətirmə qabiliyyəti, məhsuldarlığı 40 yaşından sonra çox ciddi problemlərlə üzləşir. Bu faktdır, statistikadır, bizim oxuduğumuz ayrı-ayrı analitik yazılardan, məlumatlardan bəllidir. Ancaq gəlin, görək bu cür ümumiləşmənin Azərbaycana dəxli varmı? Mən qəti şəkildə deyərdim ki, bunun Azərbaycana qətiyyən dəxli yoxdur.
Burada hörmətli həmkarım Siyavuş Novruzov belə bir faktı açıqladı, mən də ona tərəfdaram. Bu il statistika da göstərir ki, Azərbaycanda demoqrafik inkişaf digər MDB ölkələrindən üstündür. Yəni MDB ölkələrindən fərqli olaraq Azərbaycanda ildə uşaq dünyaya gətirmək, uşaq artımı üstün dinamikaya malikdir və deməli, Azərbaycanda belə bir problem yoxdur.
Əgər Azərbaycanda bu problem yoxdursa, onda məntiqi olaraq ortaya belə bir sual çıxır: nədən bu qanun gündəliyə gətirilir? Əgər söhbət 10–15 nəfər, 100 nəfər, min nəfər qadının problemindən gedirsə, artıq min nəfərə görə cəmiyyətə böyük problem yarada biləcək qanunun gündəliyə gətirilməsinin özü böyük biabırçılıqdır. Buna qətiyyən yol vermək olmaz. Burada, ola bilsin ki, müəyyən məqsədlər də var, mən bunu açıqlamaq istəmirəm. Mən bu fikirləri Məlahət xanıma heç zaman ünvanlamaq istəməzdim, çünki bir həmkarım kimi bütün mənalarda ona böyük hörmətim var. Lakin nə etmək olar ki, Hadi Rəcəbli imtina edib, təqdimatı Məlahət xanım etməli oldu.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Çox sağ olun. Hadi müəllim, əyləşin. Fəzail müəllim, xahiş edirəm, bir-birimizə hörmət edək. Fikrinizi deyin. İstinad etmək nəyə lazımdır?
F. Ağamalı. Çox hörmətli Hadi müəllim, xahiş edirəm, diqqətlə fikir verin. Mən Sizi aşağılayacaq söz demədim, bu fikirdə də olmamışam. Mənim ünvanıma nə deyirsinizsə, beş qat özünüzsünüz. Mən dedim ki, hörmət etdiyim Məlahət xanım bunu təqdim etdi, mənim Məlahət xanıma da böyük hörmətim var. Lakin bu, Azərbaycan mentaliteti, Azərbaycanın milli xüsusiyyətləri, Azərbaycanın bu gün demoqrafik baxımdan hər hansı problem yaşaması ilə bağlı qanun deyil. Bunu demək istədim. Əgər, doğrudan da, Azərbaycanda bu və ya digər problem varsa, onda gəlin, başqa bir qanun qəbul edək. Deyək ki, çoxarvadlılığa imkan verən bir qanun qəbul edək. Beləliklə də, məsələ öz həllini tapsın. Bu problem yoxdur axı.
İkinci təklifim var, möhtərəm Sədr. Biz əgər, doğrudan da, Azərbaycanda uşaqların dünyaya gətirilməsinin çox ciddi şəkildə tərəfdarıyıqsa, gəlin, stimullaşdırıcı addımları təmin edən qanunlar qəbul edək. Yəni sovetin vaxtında 10 uşağı dünyaya gətirənə “Qəhrəman ana” adı verirdilər. Eyni zamanda, o, müəyyən imtiyazlara da malik idi və sair. Gəlin, qanunumuza dəyişiklik edək, 5 uşaqdan yuxarı dünyaya uşaq gətirən analara biz “Qəhrəman ana” adı verək, stimullaşdırıcı addımlar ataq.
Baxın, görün, Azərbaycanda hansı vəziyyət əmələ gəlir. Yəni bu qanun layihəsi bütövlükdə Azərbaycanın milli-mənəvi dəyərlərinə zidd olan, Azərbaycan xalqına təhqir gətirən, başıaşağılıq gətirən, hətta deyərdim ki, kişiləri təhqir edə biləcək bir qanun layihəsidir. Ona görə mən də Siyavuş Novruzovun fikri ilə tamamilə şərikəm. Şəxsən mən bu qanun layihəsinin əleyhinə səs verəcəyəm. Xahiş edirəm, çox hörmətli millət vəkilləri bu qanun layihəsinə səs verməmişdən qabaq çox ciddi düşünsünlər və öz münasibətlərində səhv etməsinlər. Sağ olun.
Sədrlik edən. Sağ olun. Mənim sizin hamınızdan bir xahişim var. Bu, layihənin birinci oxunuşda müzakirəsidir. Hərə öz fikrini deyir, heç kimin fikrinin qarşısı alınmır. Ancaq heç kim öz fikrini ehkam kimi qəbul etdirməsin. Hətta misallar çəkirsiniz. Burada bütün məsələlər demoqrafiya ətrafında deyil. Söhbət 40 yaşından yuxarı kişilərdən getmir. Söhbət 20 yaşından 40 yaşına qədər hamıya aid məsələlərdən gedir. Bu, elmi məsələdir. Lazım olsa, mütəxəssislər bəzi misallar da gətirə bilərlər. Ancaq çoxarvadlılıq məsələsi rəhmətlik Cəlil Məmmədquluzadənin “Ölülər” əsərini yadıma saldı. Kişilərin çoxu bir arvadla bacarmırlar, sən qanun çıxarmaq istəyirsən, çoxarvadlılıq olsun. Yevda Abramov.
Y. Abramov. Çox sağ olun, Oqtay müəllim. Mənim bir sualım var. Bu qanunun təşəbbüskarı hansı orqandır, kimlərdir? İkinci, bu qanun birbaşa insanların hüquqları ilə çox sıx əlaqədə olacaqdır. Çox təəssüflər olsun ki, bizim komissiyada buna baxılmayıb. Bir təklif də vermək istəyirəm. Əgər bu qanun layihəsi birinci oxunuşdan keçərsə, gələcək müzakirələrdə, heç olmasa, burada mütəxəssislər iştirak etsinlər. Azərbaycan cəmiyyəti yalnız azərbaycanlılardan ibarət deyil. Burada yarım milyona qədər xristian inanclı insanlar yaşayırlar. Həmin insanlar buna necə qiymət verirlər, nə münasibət bəsləyirlər? Burada deyilməli məsələlər çoxdur. Mən çıxışa yazılmamışam. İstərdim ki, burada iştirak edən mütəxəssislər öz fikirlərini daha geniş desinlər. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Görürəm ki, bu gün müzakirə qurtarmayacaq. Bu gün səsvermə də yoxdur. Rafael Cəbrayılov.
R. Cəbrayılov. Çox sağ olun, cənab Sədr. Mənim də çıxışım yarımçıq qalacaq, iş vaxtı qurtarır. Əgər mümkünsə, lazım bilirsinizsə, mən də gələn dəfə çıxış edim.
Sədrlik edən. Mən belə bir təklif etmək istəyirəm. Burada Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktoru Faizə xanım iştirak edir. Əgər elmi-statistik məlumatlar varsa, onları desin ki, gələn dəfə müzakirələrdə biz bunlardan istifadə edə bilək.
F. Əliyeva, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktoru.
Çox sağ olun, Oqtay müəllim. Çox sağ olun ki, bu qanun layihəsini müzakirə edirsiniz. Reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması haqqında qanun layihəsi, fikirləşirik ki, bizim həkimlər və əhali üçün vacibdir. Mən bu məsələ ilə 35 ildən çox məşğulam. Mənə çox maraqlı gəlir ki, burada indi çıxış edən deputatlar deyirlər ki, bu məsələ ciddi deyil. Siz bilmirsiniz ki, abortların sayı artır. Niyə? Qadınlar hamilə olmaq istəmirlər. Onları hamilə olmağa məcbur edirlər. Biz qanun yazırıq ki, Ailə planlaşdırılması haqqında qoy qanun olsun. Burada çox yaxşı məsələ qoyulub. Nəyə görə? Siz bilirsiniz ki, reproduktiv sağlamlıq haqqında qanun yoxdur. Ancaq reproduktiv sağlamlıq haqqında məsələyə axır vaxtlar dövlət tərəfindən diqqət var. Nəyə görə? Çünki reproduktiv sağlamlıq deyəndə, biz fikirləşirik ki, bu, ana və uşaq sağlamlığıdır. Ana və uşaq sağlamlığı haqqında milli strategiya, dövlət proqramı təsdiq olundu. Bu proqram çərçivəsində işləyə-işləyə görürük ki, boşluq çoxdur. Ona görə biz bu qanun layihəsini hazırladıq və Milli Məclisə təqdim etdik. Biz fikirləşirik ki, bu qanun olandan sonra böyük hüquqi baza yaranacaq.
Sonsuzluq haqqında indi Azərbaycanda bir qanun yoxdur. Hər il sonsuzluq faizi qalxır. Hazırda 13 faizdir. Siz bilirsiniz ki, 15 faizdən çox olanda böyük demoqrafik problem yaranacaq. Sonsuzluq haqqında bizdə bir qanun yoxdur, donor məsələsindən istifadə etməyə icazə var, donor kim olmalıdır. 1997-ci ildə “Əhalinin sağlamlığının qorunması haqqında” Qanun qəbul olunub. Orada 29, 30, 31-ci maddələr donor və süni mayalanma, abort haqqındadır. Ancaq orada boşluq çoxdur. Ona görə fikirləşdik ki, bu qanun layihəsində geniş bir məsələ qoyaq. Sizin fikrinizi bilmək bizim üçün maraqlı olacaq və biz qanun layihəsində dəyişiklik etməyə, nə isə əlavə, müzakirə etməyə və suallara cavab verməyə hazırıq. Bu qanun layihəsinə Beynəlxalq Səhiyyə Təşkilatının ekspertləri də baxıblar. Oradakı rəqəmlər beynəlxalq rəqəmlərdir.
Sədrlik edən. Çox sağ olun. Mən görürəm ki, bu gün müzakirə hay-küylə başladı. Musa müəllim də gələn dəfə komissiya üzvü kimi çıxış edəcək. İşin axırıdır. Rafael Cəbrayılov, sual vermək istəyirsən?
R. Cəbrayılov. Oqtay müəllim, mən sual vermək istəmirəm. Mənim adımı siyahıdan çıxardılar və deyirlər ki, Siz icazə versəniz, salacaqlar siyahıya.
Sədrlik edən. Sonra bu məsələyə baxarıq. Sağ olun.
Sağ olun.

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi