2008-ci il 25 noyabr tarixli iclasın stenoqramı

ÜÇÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
X  SESSİYASI  İCLASININ

PROTOKOLU  №  97

Milli  Məclisin  iclas  salonu.
25  noyabr  2008-ci  il.  Saat  12.

Milli  Məclisin  Sədri
O. Əsədov  sədrlik  etmişdir


İclasda Milli Məclisin 105 deputatı iştirak etmişdir.

İclasa dəvət olunmuşlar:

Yaqub Eyyubov, Azərbaycan Respublikası Baş nazirinin birinci müavini.
Elçin Əfəndiyev, Azərbaycan Respublikası Baş nazirinin müavini.
Əli Həsənov, Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri.
Samir Şərifov, Azərbaycan Respublikasının maliyyə naziri.
Şahin Mustafayev, Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri.
Ziya Məmmədov, Azərbaycan Respublikasının nəqliyyat naziri.
Füzuli Ələkbərov, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri.
İsmət Abasov, Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri.
Əbülfəs Qarayev, Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri.
Oqtay Şirəliyev, Azərbaycan Respublikasının səhiyyə naziri.
Azad Rəhimov, Azərbaycan Respublikasının gənclər və idman naziri.
Rüfət Aslanlı, Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri.
Aydın Əliyev, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri.
Qərib Məmmədov, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri.
Kərəm Həsənov, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədri.
Arif Vəliyev, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri.
Hidayət Orucov, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri.
Abbas Ələsgərov, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri.
Səlim Müslümov, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri.
Şahmar Mövsümov, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru.
Arif Əsgərov, Azərbaycan Dövlət Dəmir Yolunun rəisi.
Nizaməddin Rzayev, “Azərsu” Səhmdar Cəmiyyətinin prezidenti.
Əlixan Məlikov, “Azəriqaz” Səhmdar Cəmiyyətinin sədri.
İskəndər Çəndirli, Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyinin direktoru.
Heydər Əsədov, Azərbaycan Respublikası Hesablama Palatasının sədri.
Abbas Allahverdiyev, Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini.
Cəfər Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Nazim Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Vaqif Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Adil Məhərrəmov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Mehriban Əlişanova, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Ağabala Hacıyev, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri.
Şahin Sadıqov, Azərbaycan Respublikası Nazirlər Kabinetinin İqtisadiyyat və maliyyə-kredit siyasəti şöbəsinin müdiri.
Azər Bayramov, Azərbaycan Respublikası maliyyə nazirinin müavini.
Sevinc Həsənova, Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini.
Vilayət Zahirov, Azərbaycan Respublikası ədliyyə nazirinin müavini.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
2. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2009-cu il büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
3. Azərbaycan Respublikasında 2009-cu il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
4. Azərbaycan Respublikasında 2009-cu il üçün ehtiyac meyarının həddi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
5. “Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında” Azərbaycan Respublikasının 2001-ci il 27 noyabr tarixli 222-IIQ nömrəli Qanununun qüvvədə olma müddətinin uzadılması barədə” Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
6. Azərbaycan Respublikası Milli Məclisinin 2009-cu il üçün xərclər smetası haqqında Azərbaycan Respublikası Milli Məclisi qərarının layihəsi barədə.
7. Azərbaycan Respublikası Hesablama Palatasının 2009-cu il üçün xərclər smetası haqqında Azərbaycan Respublikası Milli Məclisi qərarının layihəsi barədə.
8. Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə yeni işçi qruplarının yaradılması və mövcud işçi qrupunun yenidən təşkil edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisi qərarının layihəsi barədə.

İclasda qəbul edilmişdir:

1. “Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
2. “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2009-cu il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
3. “Azərbaycan Respublikasında 2009-cu il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu.
4. “Azərbaycan Respublikasında 2009-cu il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikasının Qanunu.
5. “Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında” Azərbaycan Respublikasının 2001-ci il 27 noyabr tarixli 222-IIQ nömrəli Qanununun qüvvədə olma müddətinin uzadılması barədə” Azərbaycan Respublikasının Qanunu.
6. “Azərbaycan Respublikası Milli Məclisinin 2009-cu il üçün xərclər smetası haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı.
7. “Azərbaycan Respublikası Hesablama Palatasının 2009-cu il üçün xərclər smetası haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı.


Azərbaycan  Respublikası
Milli  Məclisinin  Sədri                                 O. ƏSƏDOV
 

 

MİLLİ  MƏCLİSİN  İCLASI

25  noyabr  2008-ci  il.  Saat  12.

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir


Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.

Qeydiyyat (saat 12.01 dəq.)
İştirak edir 99
Yetərsay 83

Çox sağ olun, yetərsay var, iclasımıza başlaya bilərik. Hörmətli millət vəkilləri, bir neçə gün ərzində 2009-cu il dövlət büdcəsi haqqında qanun layihəsini və büdcə zərfinə daxil olan digər sənədləri parlamentdə geniş müzakirə elədik. Müzakirələr zamanı bir çox dəyərli təkliflər irəli sürüldü. İclasda çıxış edən millət vəkilləri və hökumət üzvləri son dövrdə əldə olunan nailiyyətlər haqqında əsaslandırılmış statistik məlumatlar verdilər.
Deyilənləri təkrar eləmək istəmirəm, ancaq bəzi makroiqtisadi göstəricilərin üzərində dayanmaq istərdim. Azərbaycanda ümumi daxili məhsul 2003–2008-ci illərdə 4,2 dəfə artıb, 7,2 milyard manatdan 30,4 milyard manata çatıb. Həmin dövrdə ölkəmizdə adambaşına düşən ümumdaxili məhsulun miqdarı isə 888 manatdan 3554 manata qədər yüksəlib. Ümumiyyətlə, bu illər ərzində büdcəmiz 10 dəfədən çox artmışdır. Yoxsulluğun səviyyəsi 3 dəfədən çox, yəni 49 faizdən 16 faizə düşmüş, ölkəmizdə 731 min yeni iş yeri, o cümlədən 531 min daimi iş yeri açılmışdır. Bütün bunlar Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin ölkəmizdə həyata keçirdiyi iqtisadi inkişaf strategiyasının bəhrələridir. Biz görürük ki, artıq Azərbaycan iqtisadiyyatı yeni yüksəliş mərhələsinə qədəm qoyur.
Əgər etiraz eləmirsinizsə, iclasımızı belə quraq. Büdcə zərfi müzakirə olunub. İndi sözü hökumət üzvlərinə verək, onlar 10 gün ərzində gördükləri iş barəsində məruzə eləsinlər. Sonra büdcə zərfinə daxil olan layihələri bir-bir səsə qoyaq, qəbul eləyək. Etiraz yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Maliyyə naziri Samir Şərifova söz verilir. Buyurun, Samir müəllim.
S. Şərifov, Azərbaycan Respublikasının maliyyə naziri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, xanımlar və cənablar! Azərbaycan Respublikasının 2009-cu il dövlət və icmal büdcə layihələri Milli Məclisin daimi komissiyalarında və plenar iclaslarında ətraflı müzakirə edilmişdir. Təkcə onu demək istərdim ki, müzakirələrdə 56 nəfər millət vəkili çıxış etmişdir. Bu layihələri müsbət qiymətləndirdiyinizə görə, cənab Sədr, Sizə və bütün millət vəkillərinə dərin minnətdarlığımı bildirmək istərdim.
Hörmətli millət vəkillərinin çıxışlarında qanunvericilik bazasının və büdcə prosesinin təkmilləşdirilməsi, vəsaitlərin istifadəsində dövlət və ictimai nəzarətin, əhalinin maddi rifah halının, ölkənin müdafiə, elm, təhsil, səhiyyə, mədəniyyət, idman, sənaye və aqrar potensialının daha da gücləndirilməsi, qeyri-neft sektorunun inkişafının təşviqi, ölkə regionlarının inkişafı və bu kimi digər mühüm dövlət əhəmiyyətli vəzifələrin yerinə yetirilməsi istiqamətində dəyərli təkliflər və tövsiyələr irəli sürülmüşdür. Müzakirələrin gedişində qaldırılan məsələ və suallara hökumət üzvləri və dövlət orqanlarının nümayəndələri, habelə Milli Məclisin üzvləri tərəfindən ətraflı cavablar verilməsinə baxmayaraq, Milli Məclisdə tək-tək də olsa, səslənən bəzi diqqəti çəkən məsələlərə əlavə aydınlıq gətirmək istərdim. Hesab edirəm ki, bunlar prinsipial məna daşıyan məsələlərdir.
İlk növbədə söhbət dövlət proqramlarından gedir. Bəzi çıxışlarda belə fikirlər səslənmişdi ki, büdcə zərfinə dövlət proqramları əlavə edilməmişdir. Qeyd etmək istərdim ki, büdcə ilə əhatə olunan bütün dövlət proqramları büdcə zərfinə əlavə olunmuşdur. Nəzərinizə çatdırım ki, 2007-ci ildən başlayaraq maliyyə təminatı dövlət büdcəsi ilə əlaqəli olan bütün dövlət proqramları funksional, iqtisadi və inzibati təsnifata uyğun olaraq dövlət büdcəsinin zərfinə əlavə edilib. O cümlədən də 2009-cu ilin büdcə zərfinin üçüncü kitabında bütün bu proqramlar öz əksini tapmışdır.
Burada, eyni zamanda, dövlət əsaslı vəsait qoyuluşu xərclərinin konkret layihələr üzrə bölgüsünün büdcə zərfinə əlavə edilmədiyi məsələsi də söylənilmişdir. Bununla əlaqədar bildirmək istərdim ki, 2008-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisdə müzakirə edilərkən, habelə 2008-ci il dövlət büdcəsi layihəsinə düzəlişlər müzakirə edilərkən, hökumət tərəfindən büdcə zərfi ilə birlikdə hər bir layihə üzrə Dövlət investisiya proqramı təqdim olunmuşdur. Plenar iclasda da söyləmişdim, hökumətin 2009-cu il və sonrakı illər üzrə əsas prioritetləri ondan ibarətdir ki, ilk növbədə icrasına başlanılmış investisiya layihələri tamamlansın, sonra isə yeni layihələrin həyata keçirilməsinə başlanılsın. Bunları nəzərə alaraq növbəti il üçün Dövlət investisiya proqramının yalnız əsas funksional istiqamətləri göstərilmişdir. Bu da ondan irəli gəlir ki, bütün layihələr barədə məlumatlar keçən ilin büdcə zərfində hörmətli millət vəkillərinə təqdim olunmuşdur. Həmin Dövlət investisiya proqramında əksini tapmış layihələrin əksəriyyəti keçid xarakterlidir. Ona görə də onların 2009-cu ilin Dövlət investisiya proqramında bir daha təkrarlanmasına ehtiyac duyulmamışdır.
Eyni zamanda, onu da qeyd etməliyəm ki, burada deyildiyi kimi, dünya iqtisadiyyatında olan böhran və xeyli mürəkkəb olan xarici iqtisadi maliyyə mühiti, sözsüz ki, 2009-cu il dövlət büdcəsi hazırlanan zaman nəzərə alınmışdır. Bunları nəzərə alaraq hökumət qərara almışdır ki, 2009-cu ilin Dövlət investisiya proqramının keçid layihələrinin yerdə qalan hissəsini hazırda bölüşdürməsin. Bu, hökumətə əlavə iqtisadi manevr etmək imkanı verəcək. Hökumət hər hansı təhlükələrlə qarşılaşacağı, dövlət büdcəsinin gəlirlərinin dövlət büdcəsinin xərcləri ilə üst-üstə düşməyəcəyi təqdirdə, zənnimcə, bu manevr imkanlarından məharətlə istifadə olunacaqdır. Hesab edirik ki, 2009-cu ilin may ayında 2008-ci il dövlət büdcəsinin icrasına dair müvafiq qanun layihəsi Milli Məclisin təsdiqinə təqdim olunacaqdır. Sözsüz ki, bu zaman biz bir sıra iqtisadi məsələləri də müzakirə etmək imkanına malik olacağıq. Bununla birlikdə biz 2008-ci ilin sonuna vahid xərclər hesabının qalığını da təsdiq edilmək üçün Milli Məclisə təqdim edəcəyik. Zənnimizcə, vahid xərclər hesabının qalığının təsdiq edilməsi 2009-cu il üçün dövlət büdcəsinə əlavə gəlirlərin səfərbər edilməsinə xidmət edəcəkdir.
Hörmətli millət vəkilləri tərəfindən irəli sürülən təklif və tövsiyələr hökumət tərəfindən ətraflı və diqqətlə öyrənilmiş, onların həlli yolları, tətbiqi mexanizmi müəyyənləşdirilmiş və bu barədə ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə ətraflı məruzə olunmuşdur. Büdcə imkanları daxilində həmin məsələlərin ən vaciblərinin müsbət həlli cənab Prezident tərəfindən hökumətə tapşırılmışdır. Bu gün həmin məsələlər sizin diqqətinizə təqdim edilir. Bu məsələlərdən biri mövcud makroiqtisadi şəraitlə bağlı Azərbaycan Respublikasının Milli Bankı tərəfindən həyata keçirilən pul-kredit və məzənnə siyasəti nəticəsində bankın artmış valyuta ehtiyatlarının yenidən qiymətləndirilməsi hesabına Milli Bankda məzənnə zərfi ilə bağlı yarana biləcək kapital çatışmazlığının “Milli Bank haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə uyğun olaraq tənzimlənməsidir. Bunu nəzərə alaraq 2009-cu ildə Milli Bankın kapital çatışmazlığının tənzimlənməsi məqsədi ilə onun nizamnamə kapitalına uzunmüddətli dövlət borc öhdəliklərinin yerləşdirilməsi üçün 2009-cu il dövlət büdcəsi haqqında qanun layihəsinin 14-cü maddəsində nəzərdə tutulan dövlət daxili borclanma limitinin yuxarı həddinin artırılmasını təklif edirik. Artıq dövlət büdcəsinin yuxarı həddinin artırılması üçün 550 milyon manat təklif olunur.
Hörmətli millət vəkilləri bir sıra xərclərin artırılması ilə bağlı təkliflər irəli sürdülər. Tələb edilən artımlar və qarşıya qoyulan vəzifələr həm fiziki iş həcmi, həm maliyyə tutumu, həm də həyata keçiriləcək işlər baxımından o qədər böyükdür ki, onları nəinki bir büdcə ilində, hətta ortamüddətli dövrdə həyata keçirmək imkan xaricindədir. Ona görə bu məsələlərə baxılmamışdır və onlar növbəti illərdə öz həllini tapacaqdır. Eyni zamanda, büdcə zərfi Milli Məclisdə müzakirə olunduğu dövrdə büdcə ilə bilavasitə əlaqəsi olan bir sıra normativ hüquqi aktlar qəbul edilmiş, ayrı-ayrı məsələlərin maliyyə təminatı ilə bağlı ölkə rəhbərinin müvafiq tapşırıqları olmuşdur ki, onların da 2009-cu il dövlət büdcəsi layihəsi çərçivəsində nəzərə alınması məqbul olardı.
Bütün bu məqamlar nəzərə alınmaqla, 2009-cu il dövlət büdcəsi layihəsi çərçivəsində bir sıra xərclərlə bağlı edilməsi zəruri olan dəyişiklikləri diqqətinizə çatdırmaq istərdim və onların qəbul edilməsini xahiş edərdim. Ölkə Prezidentinin müvafiq tapşırıqları, habelə hörmətli millət vəkillərinin müzakirə zamanı səsləndirdikləri təkliflər və Hesablama Palatasının rəyi nəzərə alınmaqla, dövlət büdcəsinin “əsas bölmələrə aid edilməyən xidmətlər” üzrə xərclər bölməsində “xarici valyutaların məzənnə fərqinə görə yaranmış zərərlə bağlı xərclər” maddəsində proqnozlaşdırılan vəsaitin 34 milyon 295 min manatının həmin bölməyə aid olan “valyuta konvertasiyası üzrə xərclər” maddəsinə, qalan 6 milyon 805 min manatının isə digər xərclərin tənzimlənməsinə yönəldilməsi təklif olunur. Bütövlükdə ayrı-ayrı xərclərin tənzimlənməsi üçün ayrılan vəsaitin 3 milyon manatının, yaxud 44,1 faizinin sosial tədbirlərin əlavə maliyyələşdirilməsinə, o cümlədən elm, təhsil, səhiyyə, mədəniyyət, incəsənət, kütləvi informasiya vasitələri, bədən tərbiyəsi və gənclər siyasəti tədbirləri üzrə xərclərə yönəldilməsi nəzərdə tutulub. Vəsaitin yerdə qalan 3 milyon 805 min manatı isə mənzil-kommunal təsərrüfatı, sənaye və tikinti, qanunvericilik, icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının saxlanılması xərclərinə yönəldiləcəkdir.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Çıxışımın sonunda bir daha bildirmək istərdim ki, 2009-cu il dövlət və icmal büdcələri ilə bağlı müvafiq qanun layihələrinin Milli Məclis tərəfindən qəbulu möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin mövcud potensialından səmərəli istifadə edilməklə, onun iqtisadi qüdrətinin gücləndirilməsi, əhalinin həyat səviyyəsinin artırılması istiqamətində aparılan sosial-iqtisadi kursun heç də sadə olmayan xarici iqtisadi və maliyyə mühiti şəraitində həyata keçirilməsi üçün növbəti ciddi addıma dəstək olacaqdır. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Sağ olun, Samir müəllim. Əgər etiraz etmirsinizsə, Ziyad Səmədzadə də komissiya sədri kimi öz fikrini söyləsin.
Z. Səmədzadə, Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! 2009-cu ilin dövlət büdcəsi layihəsinə hörmətli millət vəkilləri tərəfindən edilən təkliflər diqqətlə araşdırılıb. Samir müəllim bildirdi ki, bunlar hökumətdə müzakirə obyekti olub. Bununla əlaqədar olaraq diqqətinizi bir sıra məsələlərə cəlb etmək istərdim.
Hesab edirəm ki, hökumət düzgün olaraq dünyada baş verən maliyyə böhranı ilə əlaqədar makroiqtisadi göstəricilərin indi dəyişdirilməsini məqsədəuyğun saymır. Haqlı olaraq bildirilir ki, Azərbaycan hökuməti Milli Məclisdə hesabat verərkən bu barədə müəyyən ümumiləşdirmələr edəcək. Eyni zamanda, may ayında 2008-ci il dövlət büdcəsinin icrasına və obyektiv səbəblər üzündən 2009-cu ilin dövlət büdcəsinə dəyişikliklər edilərkən bunlar nəzərə alınacaq.
İstər komissiyalarda, istərsə də Milli Məclisin sessiyasında 2009-cu ildə yaşayış minimumu, istehlak səbəti, ehtiyac meyarı, onların məbləği, əmək haqqına, pensiya məbləğinə nisbəti barədə dəyərli fikirlər səsləndi. Bu çox ciddi problemdir. İnkişaf olduqca bu göstəricilərin də səviyyəsi dəyişməlidir. Belə bir dəyişməni biz respublikanın müvafiq göstəricilərində də hiss edirik. Onu da qeyd edim ki, hər il üçün sadaladığım göstəricilərin mütləq səviyyəsi araşdırmalar tələb edir. Bununla əlaqədar İqtisadi siyasət daimi komissiyası digər daimi komissiyalarla birlikdə müzakirələr aparacaq, lazım gələrsə, qanunların təkmilləşdirilməsi üçün təkliflər verəcəkdir.
Millət vəkilləri tərəfindən haqlı olaraq bildirildi ki, hökumət qurumlarının verdikləri proqnozlar üst-üstə düşməli və burada koordinasiya işinə diqqət artırılmalıdır. Yaxın vaxtlarda biz İqtisadi İnkişaf Nazirliyini, Dövlət Statistika Komitəsini və müvafiq elmi strukturları cəlb etməklə bu barədə də müəyyən müzakirələr aparacağıq.
Müzakirələr prosesində xüsusi olaraq vurğulandı ki, büdcə sisteminin təkmilləşdirilməsi ortamüddətli büdcə layihələrinin hazırlanması işinə təkan verə bilər. Hesab edirəm ki, bu təklifə də Maliyyə Nazirliyi müsbət münasibət bildirib və onun reallaşması üçün normativ, metodoloji bazanın yaradılması istiqamətində iş aparılacaqdır.
Mən diqqəti bir məsələyə də cəlb etmək istərdim. “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilən tədbirlər yerli gəlirlərin dinamikasında özünü daha qabarıq göstərməlidir. Hesab edirik ki, yerli icra strukturları gələcəkdə dövlət büdcəsində yerli gəlirlərin xüsusi çəkisinin artırılması üçün daha təsirli tədbirlər görməlidir.
2009-cu ilin dövlət büdcəsi layihəsinin prinsipial və fərqli cəhətlərindən biri də ondan ibarətdir ki, həm hökumətdə, həm də ictimaiyyətdə ərzaq təhlükəsizliyi məsələsinə reallığı və gələcəyi nəzərə alan yeni baxışlar formalaşdırır. Aqrar sektorun dayanıqlı inkişafında dövlət büdcəsinin rolunun artması çox düzgün, milli mənafelərə xidmət edən bir siyasət kimi qiymətləndirilməlidir. Dövlət başçısı ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsini ən prioritet vəzifələrdən biri kimi qiymətləndirir və razılıq hissi ilə qeyd edilməlidir ki, bu məsələ də qanun layihəsində ətraflı nəzərə alınmışdır.
Digər vacib bir məsələyə də diqqət artırılmalıdır. Söhbət büdcə planlaşdırılmasında nəticələrə görə qiymətləndirmələr aparılmasından gedir. Bu gün bütün dünyada tüğyan edən maliyyə böhranı, neftin qiymətinin qısa zaman kəsiyində dəyişməsi, əlbəttə, iqtisadiyyat üçün problemlər yaradır. Bu məsələ qlobal xarakter daşıyır. Biz bu prosesi daim izləməliyik ki, düzgün nəticələr çıxaraq. Ona görə də hökumətin büdcə xərclərinin dinamikası barədə fikirləri obyektivliyi əks etdirir. Büdcə hazırlanarkən, təbii ki, dünya iqtisadiyyatında baş verən proseslər diqqətlə təhlil olunmuş, onların Azərbaycan iqtisadiyyatına bu və ya digər dərəcədə təsiri araşdırılmışdır.
Dövlət başçısı İlham Əliyev də öz çıxışlarında bildirib ki, dünyada maliyyə böhranı ilə əlaqədar nə qədər narahatçılıq olsa da, Azərbaycan özünü tam əmin hiss edir və biz düşünülmüş siyasətlə və yaratdığımız güclü iqtisadiyyatla özümüzü bu böhranlı vəziyyətdən qoruyuruq.
Dövlət borcu, ehtiyat fondu, büdcə kəsiri barədə edilən təkliflərlə hökumətin mövqeyi üst-üstə düşür. Amma borclanma prosesində gələcəkdə real sektorun diversifikasiyası məsələsinə və səmərəli layihələrə də diqqət artırılmalıdır. Biz hesab edirik ki, dövlətin real sektora, sahibkarlığa kömək imkanlarının genişlənməsi adekvat nəticələrlə müşayiət olunmalıdır. Burada, əlbəttə ki, qanunvericilik bazası kimi Rəqabət Məcəlləsinin də qəbulu önəm kəsb edir.
Bank sektoru ilə əlaqədar hökumətin və Milli Bankın siyasəti davam etdirilməlidir. Bu barədə hörmətli maliyyə naziri Samir müəllimin fikirləri xüsusi maraq doğurur.
Bir daha qeyd edirəm ki, dövlət büdcəsinin 2009-cu il üçün müəyyən edilmiş parametrlərinin qəbulu Azərbaycanın dayanıqlı, sabit inkişafı üçün real perspektivlər açacaq, iqtisadi inkişafla sosial inkişaf arasında tarazlığın təmin edilməsinə öz töhfəsini verəcəkdir. Ümumiyyətlə, 2009-cu ilin büdcə layihəsi “Büdcə sistemi haqqında” Qanunun tələblərinə uyğun olaraq hazırlanmışdır və mən də həmkarlarım kimi ona səs verməyinizi xahiş edirəm.
Sədrlik edən. Çox sağ olun. Mən də hesab edirəm ki, biz qədərincə, artıq dörd gün bu qanun layihəsini müzakirə eləmişik. Əgər başqa təklif yoxdursa, xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 12.22 dəq.)
Lehinə 92
Əleyhinə 8
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələmiz Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2009-cu il büdcəsi haqqındadır. Səlim Müslümov buyursun.
S.Müslümov, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, xanımlar və cənablar! İlk öncə icazə verin, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2009-cu il büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsinə dair səsləndirilən dəyərli fikirlərə və verilən təkliflərə görə bütün millət vəkillərimizə dərin təşəkkürümü bildirim. Eyni zamanda, mən qanun layihəsinə Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən ciddi təhlil aparılaraq verilmiş dərin məzmunlu rəyi xüsusi qeyd eləmək istəyirəm. Növbəti ildə Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətində həmin rəy əsasında bir sıra ciddi dəyişikliklərin ediləcəyini, yığım əmsalının yüksəldiləcəyini, ayrı-ayrı sahələrdə fonda məcburi dövlət sosial sığorta haqları şəklində daxil olan vəsaitin artırılması istiqamətində ciddi tədbirlərin görüləcəyini diqqətinizə çatdırmaq istərdim.
Qanun layihəsi ilə bağlı Milli Məclisdə aparılan müzakirələrin gedişi bir daha göstərdi ki, əhalinin aztəminatlı təbəqəsindən olan pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi məsələləri millət vəkillərimizin daim diqqət mərkəzindədir. Müzakirələr zamanı bir sıra çox dəyərli fikirlər və təkliflər səsləndirildi. Təbiidir ki, bu fikirlərin və təkliflərin böyük bir hissəsi növbəti ildə bizim fəaliyyətimiz zamanı nəzərə alınacaqdır. Amma bununla bərabər, qeyd etməliyəm ki, səsləndirilən təkliflərdən bəziləri qanun layihəsində nəzərə alınmışdır və bu dəyişikliklər qanun layihəsinin müəllifi ilə razılaşdırılmışdır.
İcazənizlə, həmin dəyişikliklər barədə qısa olaraq məruzə edərdim. Birinci, millət vəkillərimiz sığortaolunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi ilə bağlı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına ayrılan vəsaitin azlığını qeyd etdilər və mümkündürsə, bu vəsaitin artırılmasını xahiş etdilər. Qanun layihəsinin müəllifi ilə razılaşdırılmaqla həmin maddə üzrə Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyası xətti ilə texniki və əməyin hüquqi müfəttişliyinin, etimadlı həkimlərin, sağlamlaşdırılma işi ilə məşğul olan təlimatçıların saxlanılmasına, əsasən də, əmək haqlarının artımına 200 min manat əlavə vəsaitin yönəldilməsi nəzərə alındı. Dəyişikliyin aparılmasında zərurət həmkarlar ittifaqında çalışan bir qrup əməkdaşın əmək haqlarının aşağı olmasından irəli gəlir. Növbəti ildə əmək haqlarının 25 faiz artırılması və həmin şəxslərə digər dövlət qulluqçuları kimi il ərzində 3 dəfə mükafatın verilməsi nəzərdə tutulmuşdur. Bu məqsədlə təqribən 197,5 min manat vəsait tələb olunurdu ki, qeyd etdiyim kimi, büdcə layihəsində həmin maddəyə 200 min manat əlavə edilmişdir.
İkinci ciddi məsələ bəzi deputatlarımız tərəfindən rəsmi olaraq Milli Məclisin rəhbərliyinə təqdim edilmişdir. Bu da məşğulluq tədbirlərinin həyata keçirilməsi, məşğulluq orqanlarının saxlanılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün vəsaitin az nəzərdə tutulması və bu ilin sonuna işsizlik müavinəti üzrə müəyyən məbləğdə kəsirin qalacağının nəzərə alınması idi. Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq idarəsinin əməkdaşları ilə apardığımız təhlillər göstərdi ki, bu maddə üzrə təqribən 1 milyon 100 min manat vəsaitin artırılmasına ehtiyac var. Beləliklə, iki maddə üzrə 1 milyon 300 min manat vəsait əlavə edilmişdir. Hesablama Palatasının rəyində göstərildiyi kimi, həmin vəsait “Pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərcləri” maddəsi üzrə nəzərdə tutulmuş vəsaitin azaldılması hesabına həyata keçirilmişdir.
Başqa sözlə, növbəti ildə biz bəzi plastik kartların çipli kartlarla əvəz edilməsini nəzərdə tutmuşduq. Banklarla müzakirədən sonra belə qərara gəlmişik ki, bu, bir il arxaya çəkilsin. Bunun hesabına 1 milyon 300 min manat yuxarıda qeyd etdiyim maddə üzrə azaldılmışdır. Beləliklə, pensiya və müavinətlərin əhaliyə çatdırılması xərcləri 19 milyon 900 min manata endirilmişdir. Əsas dəyişikliklər bunlardır.
Dəyişikliklər aparılarkən digər maddələr də ciddi olaraq bir daha nəzərdən keçirilmiş və balanslaşdırılmış büdcə layihəsi olduğu kimi saxlanılmışdır. Yəni bu dəyişikliklər nə Dövlət Sosial Müdafiə Fondunun gələn ilə olan xərclərinin məbləğini artırmış, nə də icmal büdcədə hər hansı bir dəyişikliyə səbəb olmuşdur. Ümumilikdə, qeyd edilən dəyişikliklər bundan ibarətdir. Hörmətli millət vəkillərimizə bir daha dərin təşəkkürümü bildirirəm və onları dürüstləşdirilmiş qanun layihəsinə səs verməyə çağırıram. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Hadi müəllim, əlavəniz yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 12.28 dəq.)
Lehinə 94
Əleyhinə 3
Bitərəf 0
Səs vermədi 4
İştirak edir 101
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Büdcə zərfinə daxil olan növbəti qanun layihəsi Azərbaycan Respublikasında 2009-cu il üçün yaşayış minimumu haqqında qanun layihəsidir. Əgər başqa təklif yoxdursa, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.28 dəq.)
Lehinə 96
Əleyhinə 8
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 104
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələmiz Azərbaycan Respublikasında 2009-cu il üçün ehtiyac meyarının həddi haqqında qanun layihəsidir. Başqa təklif yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 12.29 dəq.)
Lehinə 97
Əleyhinə 8
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 105
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında” Qanunun qüvvədə olma müddətinin uzadılması ilə bağlıdır. Bilirsiniz ki, bu qanun layihəsi ilə həmin güzəştləri daha 5 il müddətinə uzadırıq. Müzakirəyə ehtiyac varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 12.30 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 2
Səs vermədi 0
İştirak edir 100
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ Azərbaycan Respublikası Milli Məclisinin 2009-cu il üçün xərclər smetası haqqında qərar layihəsidir. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 12.30 dəq.)
Lehinə 91
Əleyhinə 3
Bitərəf 1
Səs vermədi 4
İştirak edir 99
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Sonuncu məsələ Hesablama Palatasının 2009-cu il üçün xərclər smetası haqqında qərar layihəsidir. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 12.31 dəq.)
Lehinə 90
Əleyhinə 3
Bitərəf 1
Səs vermədi 4
İştirak edir 98
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Beləliklə, hörmətli millət vəkilləri, 2009-cu il dövlət büdcəsini və dövlət büdcəsi zərfinə daxil olan digər qanun layihələrini müzakirə və qəbul elədik. Hamınız bu müzakirədə fəal iştirak elədiniz. Mən bütün millət vəkillərinə, hökumət üzvlərinə öz minnətdarlığımı bildirirəm və ilin əsas maliyyə sənədinin qəbul edilməsi münasibəti ilə hamınızı təbrik edirəm! Çox sağ olun! Bununla da bugünkü iclasımız sona çatdı, sağ olun.

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi