2008-ci il 4 iyul tarixli iclasın stenoqramı

ÜÇÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
NÖVBƏDƏNKƏNAR
IX  SESSİYASI  İCLASININ

PROTOKOLU  №  89

Milli  Məclisin  iclas  salonu.
4  iyul  2008-ci  il.  Saat  12.

Milli  Məclisin  Sədri
O. Əsədov  sədrlik  etmişdir


İclasda Milli Məclisin 104 deputatı iştirak etmişdir.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. “Azərbaycan Respublikası Hökuməti və Qatar Dövləti Hökuməti arasında hava daşımalarına dair” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi barədə.
2. “Azərbaycan Respublikası Hökuməti ilə Litva Respublikası Hökuməti arasında dəmiryol nəqliyyatı sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi barədə.
3. “Azərbaycan Respublikası Hökuməti ilə Litva Respublikası Hökuməti arasında beynəlxalq kombinə edilmiş daşımalara dair” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi barədə.
4. “Azərbaycan Respublikası Hökuməti və Moldova Respublikası Hökuməti arasında vergi hüquqpozmaları ilə mübarizə sahəsində əməkdaşlıq və məlumat mübadiləsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi barədə.
5. “Azərbaycan Respublikası Hökuməti və Moldova Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi barədə.
6. “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi barədə.
7. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi barədə.
8. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə dəyişiklik və əlavə edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
9. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi barədə.
10. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”nə, Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 887 saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi”nə dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi barədə.
11. “Feldyeger rabitəsi haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının 2004-cü il 8 iyun tarixli 682-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Feldyeger rabitəsi orqanında xidmət keçmə haqqında Əsasnamə”yə, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi barədə.
12. “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci il 19 sentyabr tarixli 1115 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Auditorlar Palatası haqqında Əsasnamə”yə və “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavələr və dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2008-ci il 1 fevral tarixli 535-IIIQD nömrəli Qanununda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

İclasda qəbul edilmişdir:

1. “Azərbaycan Respublikası Hökuməti və Qatar Dövləti Hökuməti arasında hava daşımalarına dair” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
2. “Azərbaycan Respublikası Hökuməti ilə Litva Respublikası Hökuməti arasında dəmiryol nəqliyyatı sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
3. “Azərbaycan Respublikası Hökuməti ilə Litva Respublikası Hökuməti arasında beynəlxalq kombinə edilmiş daşımalara dair” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
4. “Azərbaycan Respublikası Hökuməti və Moldova Respublikası Hökuməti arasında vergi hüquqpozmaları ilə mübarizə sahəsində əməkdaşlıq və məlumat mübadiləsi haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
5. “Azərbaycan Respublikası Hökuməti və Moldova Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
6. “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
7. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
8. “Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə dəyişiklik və əlavə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
9. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
10. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”nə, Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 887 saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi”nə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
11. “Feldyeger rabitəsi haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının 2004-cü il 8 iyun tarixli 682-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Feldyeger rabitəsi orqanında xidmət keçmə haqqında Əsasnamə”yə, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
12. “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci il 19 sentyabr tarixli 1115 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Auditorlar Palatası haqqında Əsasnamə”yə və “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavələr və dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2008-ci il 1 fevral tarixli 535-IIIQD nömrəli Qanununda dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.


Azərbaycan  Respublikası
Milli  Məclisinin  Sədri                                   O. ƏSƏDOV

 

 

MİLLİ  MƏCLİSİN  İCLASI

4  iyul  2008-ci  il.  Saat  12.

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir


Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.

Qeydiyyat (saat 12.04 dəq.)
İştirak edir 95
Yetərsay  83

Çox sağ olun. Yetərsay var, iclasa başlaya bilərik. Gündəlik hamınızda var. Bilirsiniz ki, həm yaz sessiyasının, həm də növbədənkənar sessiyanın son iclasıdır. Gündəliyimizdə 12 məsələ var. Xahiş edirəm, gündəliyə münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 12.05 dəq.)
Lehinə 97
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 1  
İştirak edir 99
Nəticə: qəbul edildi

Çox sağ olun, gündəlik qəbul edildi. Gündəliyin müzakirəsinə ehtiyac varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Son akkordlardır, yəqin, yenə ürəklərində söz qalıb. Buyurun, yazılın. Asim Mollazadə.
A. Mollazadə. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bu gün yaz sessiyasının son iclasıdır, mən bir məqamı diqqətinizə çatdırmaq istərdim. Azərbaycan parlamenti yaz sessiyası zamanı Xalq Cümhuriyyəti parlamentinin 90 illiyini qeyd eləməklə Azərbaycan xalqının və ölkəmizin dəyərlərini dünyaya çatdıra bilib. Mənə elə gəlir ki, bu, yaz sessiyamızın ən önəmli hadisəsi idi. Lakin xalqın bizdən uzun müddət gözlədiyi və Azərbaycanın gələcəyi, Azərbaycan dövlətinin möhkəmlənməsi üçün çox mühüm olan qanun müzakirəyə çıxarılmadı. Söhbət Təhsil qanunundan gedir. Bu çərçivə qanun qəbul olunmalıdır ki, sonra ali təhsil, orta təhsil və çox mühüm olan peşə təhsili haqqında qanunlar hazırlanıb müzakirəyə çıxarılsın. Fikrimcə, təhsilin qanuni əsaslarını, hüquqi əsaslarını yaratmaq üçün xalqın qarşısında biz yenə borclu qaldıq. Düşünürəm ki, heç olmasa, payız sessiyasının əvvəlində biz bu işi görməliyik.
Prezidentin Azərbaycanın ali təhsil sisteminin Avropa Bolonya sisteminə inteqrasiyası ilə bağlı mühüm sərəncamı oldu. Bunun əhəmiyyəti, mən deyərdim, Bakı–Tbilisi–Ceyhan layihəsinin əhəmiyyətindən az deyildir. Lakin biz Azərbaycan təhsilinin Avropa səviyyəsinə çıxması üçün hüquqi əsasları yarada bilmədik. Mənə elə gəlir ki, parlament bu istiqamətdə xalqın qarşısında borcu qaldı. Təhsil və elm sahəsində islahatları biz təxirəsalınmaz tədbirlər kimi həyata keçirməliyik. Təhsil haqqında qanun layihəsini biz keçən payız sessiyasında birinci oxunuşda qəbul etdik, lakin yaz sessiyasında olan müddətdən istifadə edə bilmədik. Mən bununla bağlı öz təəssüfümü bildirirəm, çünki Azərbaycanda təhsilin yüksək səviyyədə inkişafı qarşımızda duran ən böyük hədəflərdən biridir. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Jalə Əliyeva.
J. Əliyeva. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Dünən Amerika Birləşmiş Ştatlarının milli bayramı – İstiqlaliyyət günü idi və mən də hər il olduğu kimi, həmkarlarımla birlikdə oraya dəvət almışdım. Düzü, dəvətnaməni alanda ora getməyəcəyimi düşünürdüm, çünki bu daha əvvəlki illərdə verdiyim qərar idi. Səbəbi o idi ki, Amerika Birləşmiş Ştatlarının səfirliyi bu bayramı son dövrlərdə öz həyətində keçirir və ora düşmək üçün hər birimiz pay-piyada uzun məsafə qət etməli oluruq. Öz ölkəmizdə, öz şəhərimizdə bizim maşınlarımızın hərəkətinə məhdudiyyət qoyulur. Lakin görəndə ki, bu, oteldə keçiriləcək, düşündüm ki, daha asanlaşdırılmış olar və daha sivil qaydada keçə bilərik. Lakin təəssüf ki, yaxınlaşanda yenə də həmin mənzərənin şahidi oldum. Xüsusi bir neçə maşın var idi ki, bunlar da səfirlik nömrələri olan maşınlar idi. Onların otelin tam qapısına qədər getməsinə icazə verilirdi. Digər maşınlar isə yenə də otelin qapısından çox kənarda saxlatdırılırdı. Mən mühafizə xidmətindən soruşanda ki, problem nədən ibarətdir, dedi ki, maşınlar yaxınlaşa bilməz. Dedim, axı bu, millət vəkilinin maşınıdır. Dedi, məndə xüsusi siyahı var, hansı maşınlar keçə bilər, hansı yox. Kim verib siyahını? Mənim rəhbərliyim. Rəhbərliyin kimdir? Amerika səfirliyi.
Mən başa düşə bilmirəm, 200 ildən artıq demokratik ənənələri olan, özünü demokratiyanın beşiyi sayan, insan hüquqlarına, bərabərliyə hörmətlə yanaşdığını bəyan edən bir ölkənin səfirliyi nəyə görə yerləşdiyi ölkənin, heç olmasa, protokol qaydalarına əməl etmək istəmir? Mən xahiş edirəm, bu məsələ ilə məşğul olaydınız. Sağ olun.
Sədrlik edən. Sağ olun. Pənah Hüseyn.
P. Hüseyn. Təşəkkür edirəm. Möhtərəm Sədr, mən bu yaxınlarda seçicilərimlə görüş zamanı bir Böyük Vətən müharibəsi əlilinə söz vermişəm. Ona görə birinci onun məsələsini qaldırmaq istəyirəm. Sonradan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə də bu məsələ ilə bağlı əlaqə saxladım. Məlum oldu ki, əlillərə verilən avtomobillərə 80 yaşından yuxarı təxminən 2000-ə qədər şəxs növbəyə durub. Doğrusu, buna çox sevindim ki, bizim bu qədər uzunömürlü insanımız var. Allah onların canlarını sağ eləsin. Mənə müraciət eləmiş əlilin 84 yaşı vardır. Bizim rayonun seçicisidir. Belə ahıllara bu sahədə büdcə vəsaitinin ayrılmasını təmin eləmək lazımdır. Heç olmasa, bu insanları ömrünün xəzan çağında bizim Qarabağ əlilləri və digər şəxslərlə yanaşı uzun müddət gözləməyə məcbur etməyək. İndi dövlətdə kifayət qədər pul da var, büdcədə pulun xərclənməsinə dair hansısa sərt təsnifat da yoxdur. Hesab edirəm ki, indiki şəraitdə bir neçə milyon ayırıb, bu məsələni birdəfəlik həll etmək olar. Əlaqədar icra hakimiyyəti orqanlarından bu məsələnin həllini nəzarətə götürmələrini xahiş edirəm.
İkincisi, burada Asim bəy Təhsil qanunu ilə bağlı mövqeyini bildirdi. Təhsil məsələsi olduqca ciddi məsələdir. Keçən dəfə də biz bu məsələni qaldırdıq, xahiş elədik ki, bunu siyasi rəhbərliyə də çatdırasınız. Həqiqətən, ilkin qəbul dövründə, ondan əvvəl orta məktəb dövründə, mərkəzləşdirilmiş imtahan dövründə elə problemlər meydana çıxıb ki, təhsil qanunu qəbul edilmədikcə bu problemlər daha da dərinləşəcək. Bu məsələni təcili həll eləmək lazımdır. Artıq bu təhsil ilində yeni qanunla işləməyə başlayaq ki, bir çox anlaşılmazlıqlar, ziddiyyətlər aradan götürülmüş olsun. Lazım gələrsə, bizim hörmətli deputatlar növbədənkənar iclasa da toplana bilərlər ki, həmin qanun qəbul edilsin.
Tikinti haqqında qanun da keçən sessiyalardan planda olan, lakin qəbul edilməyən qanunlardandır. Hazırda xüsusən Bakı şəhərində bununla əlaqədar olduqca ciddi problemlər yaşanmaqdadır. Bizim bir çox ziyalılarımızın – akademik, professor, elmlər doktorları, universitet müəllimlərinin yaşadığı bina ilə əlaqədar problem bütün ictimaiyyətə məlumdur. Bu yaxınlarda birdən-birə yüzlərlə insan kənara atılmışdır və bizə onların taleyi məlum deyil. Mənə elə gəlir ki, tikinti haqqında qanun da bu məsələyə müəyyən aydınlıq gətirməlidir.
Sonda bir daha diqqətinizi Azərbaycanda jurnalistlərin həbsi ilə bağlı məsələyə cəlb etmək istəyirəm. Biz tətilə çıxıb istirahətə gedirik. Amma bir sıra jurnalistlər – iki qəzet redaktoru və Mirzə Sakit həbsdə qalmaqda davam edir və bu, Azərbaycan üçün hər gün, hər həftə əlavə problemlər yaradır. Biz xahiş edirik və tələb edirik ki, Eynulla Fətullayev, Mirzə Sakit və Qənimət Zahidovun azadlığı məsələsi təcili həll edilsin. Təşəkkür edirəm.
Sədrlik edən. İqbal Ağazadə.
İ. Ağazadə. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən ilk növbədə komissiyamızın, yəni İnsan hüquqları daimi komissiyasının üzvləri adından komissiyamızın sədrini təbrik edir, ona uzun ömür, can sağlığı arzulayıram! Bu gün bizim komissiya sədrinin doğum günüdür.
Hörmətli millət vəkilləri, mənim qaldırmaq istədiyim birinci məsələ tez-tez rastlaşdığımız və hesabatlarda, xüsusilə hökumətin hesabatında diqqət yetirdiyimiz ərzaq problemi və taxıl yığımı ilə bağlıdır. Bu gün taxıl yığımının ən ciddi dönəmidir. Amma rayonların əksəriyyətində, xüsusilə də gediş-gəliş imkanları məhdud olan rayonlarda taxıl yığımı ilə bağlı çox ciddi problemlər var. Mənə Yardımlıdan və Şamaxıdan daxil olan məktublarda göstərilir ki, bu rayonların heç birində taxıl yığımı üçün texnika ayrılmayıb və əhalinin əkdiyi taxıl öz keyfiyyətini itirib tamamilə yararsız hala düşə bilər. Bununla bağlı mən Yardımlıda oldum. Orada, doğrudan da, insanlar əlacsız qalıb, artıq bəzi sahələrdə taxılı oraqla biçir, dərzlərə vururlar. Kənd Təsərrüfatı Nazirliyi bununla bağlı ciddi tədbir görməlidir.
Qaldırmaq istədiyim ikinci məsələ məndən əvvəl deputat həmkarımın qaldırdığı söz, mətbuat azadlığı və o cümlədən bir sıra motivlərlə həbsdə olan və bu gün Avropa Şurası tərəfindən də siyasi məhbus kimi dəyərləndirilən bir sıra insanların azadlığa buraxılması məsələsidir. Mən hesab edirəm ki, Milli Məclisin bu sessiyasının son iclasında millət vəkilləri Prezidentə müraciət etməlidirlər. Ümid edirəm ki, bizim müraciətimiz dövlət başçısı tərəfindən ciddi şəkildə dəyərləndiriləcək. Çünki Eynulla Fətullayevin, Qənimət Zahidin, Mirzə Sakitin, o cümlədən Rasim Əkbərovun, – onun səhhətində də ciddi problemlər var, – həbsdən azad olunması ölkə daxilində vətəndaş həmrəyliyinin və sülhün yaradılmasına, beynəlxalq aləmdə Azərbaycanın imicinin yaxşılaşdırılmasına müsbət təsir göstərəcəkdir. Mən bu gün Prezident seçkisi öncəsi Azərbaycanın ictimai-siyasi vəziyyətini və beynəlxalq təşkilatlarla münasibətini nəzərə alıb, xahiş edirəm, Milli Məclis belə bir müraciət eləsin. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Amma hörmətli İqbal müəllim, Azərbaycanın imicini fikirləşənlər ilk növbədə “siyasi məhbus” məsələsini uydurub gündəmə çıxarmamalıdırlar. Çünki Avropanın özündə “siyasi məhbus” anlayışının tərifini verə bilmirlər. Ona görə bu sözləri bir az kənara qoyaq. O nə sözdür, “siyasi məhbus” nə deməkdir? Cəmil Həsənli.
C. Həsənli. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli millət vəkilləri, mətbuat nümayəndələri! Bu gün bizim sessiyamızın sonuncu iclasıdır, mən tam əminliklə demək istəyirəm ki, Milli Məclisin yaz sessiyası səmərəli olmuşdur. Ölkənin sosial-iqtisadi həyatının sabitləşməsi, inkişafı üçün çox zəruri olan qanunlar qəbul olunmuş, əlavələr və düzəlişlər edilmişdir. Bununla bərabər, mən narahatlığımı hörmətli millət vəkilləri ilə bölüşdürmək istəyirəm.
Bunun birincisi ölkəmizdə sürətlə artan bahalıqdır. Güman edilirdi ki, yayın gəlişi qiymətlərə müəyyən dərəcədə təsir edəcək və bazarın ucuzlaşmasına gətirib çıxaracaq. Çox təəssüf ki, belə olmadı. Ərzağın, xüsusilə ət və süd məhsullarının qiymətləri artmaqda davam edir. Bu gün Milli Məclisin artıq sonuncu iclasıdır, mən hökumətdən xahiş edirəm, əhalinin aztəminatlı hissəsini nəzərə alsın. Əgər hökumət özü deyirsə ki, əhalinin 16 faizi yoxsulluq həddində yaşayır, bu, təxminən 1 milyon adam deməkdir. Bundan əlavə, pensiyaçılar, müavinət alanlar, minimum əmək haqqı alanlar var. Bunlar bu bahalığın qarşısında çətin duruma gəlib çıxmışlar.
İkinci, Oqtay müəllim, əhalinin, xüsusilə dövlət qulluğunda işləyənlərin müəyyən təbəqələrinin əmək haqlarının artma prosesi davam edir. Bu mütərəqqi prosesdir. Biz bunu təqdir edirik. Ancaq bununla bərabər, mən müəllimlərin və elmi işçilərin əmək haqqı ilə bağlı yaranmış vəziyyəti Sizin nəzərinizə çatdırmaq istəyirəm. Bu, təhsil sistemi və elmlə bağlıdır. Gözlənilirdi ki, Təhsil qanunu qəbul ediləcək və bu, müəllimlərin sosial vəziyyətində müəyyən irəliləyişlərə gətirib çıxaracaq. Bu sessiya ərzində buna nail ola bilmədik. Oqtay müəllim, tam əminliklə deyirəm, elmi işçilərin və müəllimlərin, xüsusilə ali məktəb müəllimlərinin, akademiya işçilərinin vəziyyəti çox ağırdır. Xahiş edirəm, öz adınızdan, Milli Məclisin adından bunu müvafiq orqanların qarşısında qaldırasınız.
Bir də ki, əmanətlərin qaytarılması ilə bağlı yenə də vətəndaşlardan çoxlu şikayətlər alırıq. Vətəndaş hələ bu günə qədər vaxtilə alın təri ilə qazanıb qoyduğu əmanətləri ala bilmir. Hökumət yaxasını kənara çəkdi, bunu verdi Milli Məclisə. Xahiş edirəm, heç olmasa, yay tətili başa çatandan sonra əmanətlərin qaytarılmasını...
Sədrlik edən. Sağ olun. Cəmil müəllim, aydın oldu. Görürəm, çıxış edənlərdən əksəriyyəti Təhsil qanunundan danışır. Təhsil qanunu, bildiyiniz kimi, iki dəfə komissiyada müzakirə olundu, birinci oxunuşda qəbul edildi. Təhsil qanunu çərçivə qanunudur. Biz istəyirik, çərçivə qanununu elə qəbul eləyək ki, onu keçmiş qanunların aqibəti gözləməsin. Ona görə Təhsil qanunu birinci oxunuşdan keçəndən sonra biz onu ekspertizaya vermişik. Onun üzərində iş gedir, ekspertiza başa çatmayıb. Biz istəyirik ki, normal bir qanun qəbul eləyək. Məjlum Şükürov, buyurun.
M. Şükürov. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli millət vəkilləri və mətbuat təmsilçiləri! Öncə diqqətinizi xalqımızın ötən həftə, iyunun 26-da yaşadığı qürur və inam dolu günə çəkmək istəyirəm. Hərbi parad onun üçün nəzərdə tutulmuş bütün hədəflərə nail oldu. Milli ordumuzun bugünkü durumu nümayiş etdirildi. İşğal olunmuş torpaqların geri qaytarılmasının alternativinin olmadığı mesajı düşmənə və onların havadarlarına çatdırıldı. Dövlətçiliyimizə və Milli Orduya ümumxalq məhəbbəti bir daha aşılandı. Dünyanın aparıcı kütləvi informasiya agentliklərinin bu paradı lentə alması da təsdiq edir ki, hərbi parad lazımi zamanda diqqət çəkiləcək ölkədə keçirildi. Bu isə hamıda ölkə rəhbərliyinə minnətdarlıq hissi oyatmalıdır.
Diqqətinizi çəkəcəyim ikinci məsələ isə bizim hörmətli həmkarımız Yaqub müəllimin təşəbbüsü ilə Tarix İnstitutunun, Mədəniyyət və Turizm Mərkəzinin və Şəki Şəhər İcra Hakimiyyətinin iyunun 27-28-də birgə keçirdiyi “Şəki qədim sivilizasiya diyarı” beynəlxalq konfransıdır. Konfransda Azərbaycanda akkreditə olunmuş 26 ölkənin səfirləri iştirak edirdi. Bu konfrans, həqiqətən, ən qədim insan məkanlarından biri olan ölkəmizin tarixinin, mədəniyyətinin təbliğinin təntənəsinə çevrilib. Lakin konfrans iştirakçılarının azəri türklərinin 5-7 min illik tarixini əks etdirən Təpəbaşı nekropoluna səyahəti bu nekropola aparan yolun bərbad vəziyyətdə olması üzündən bir növ toz-duman içərisində baş verdi. Mən bir daha bu tribunadan müraciət edirəm. Bu adicə bir kənd yolu deyil, bu, azəri türklərinin 5-7 min illik tarixinə aparan bir yoldur. Bura turist axını başlayıb. Ona görə bu yolun təmir olunmasını diqqətdə saxlamanızı xahiş edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Məjlum müəllimin nekropol barədə dedikləri məni də Quba məzarlığına ziyarətlə bağlı təəssüratımı sizinlə bölüşməyə vadar etdi. Dünən biz Avropa Şurası Parlament Assambleyasının Sədri ilə Quba-Qusar rayonlarına getdik və Qubada aşkar edilmiş toplum məzarlığı ziyarət etdik. Orada insanların hansı işgəncələrlə öldürüldüyünün sanki şahidi olduq. Bu, Avropa Şurasının Sədrinə də çox ağır təsir bağışladı. Mən çox təəssüf elədim ki, indiyə kimi o məzarlığın tarixini öyrənmək üçün beynəlxalq antropoloqları ölkəmizə dəvət etməmişik. Burada qətliam törədildiyini yalnız Azərbaycan alimləri təyin eləyiblər.
Mən deyirəm, tək Azərbaycanın alimləri, antropoloqları yox, dünyanın müxtəlif ölkələrindən dəvət olunmuş beynəlxalq səviyyəli antropoloqlar gəlib burada işləsinlər ki, biz bunu dünyaya sübut eləyək. Səfirlər Şəkiyə getdikləri kimi, eyni qaydada Qubaya gedəndə üzlərini döndərməsinlər ki, bu bizim protokolda yoxdur, biz həmin məzarlığa getmirik. Mən bunu təhqir kimi sayıram. Təəssüf ki, indiyə kimi belə bir vacib məsələyə biz çox laqeyd yanaşmışıq. Biz bunun üzərində işləməliyik.
Yaqub müəllim, mən Sizdən xahiş eləyirəm, institutun adından lazımi yerlərə məktublar yazın. Bu antropoloqlar gəlməli və həmin qətliam hadisəsi sənədləşdirilərək dünyanın nəzərinə sübut olunmuş bir fakt kimi çatdırılmalıdır. Sabir Rüstəmxanlı.
S. Rüstəmxanlı. Hörmətli Sədr, hörmətli Məclis! Oqtay müəllim, mən Sizin söylədiyinizi təsdiq üçün onu deyim ki, bir neçə dəfə biz xaricdən gəlmiş deputatları Qubadakı o toplum məzarlığa aparmışıq və onlar buradan gedəndən sonra onun çox böyük əks-sədası olub. Bu barədə bizim əlimizdə mətbuatda çıxan yazılar da var. O çox ciddi bir məsələdir və doğrudan da, onu bütün marşrutlara salmaq lazımdır.
Mənim toxunmaq istədiyim ikinci məsələ budur ki, biz sessiyanı başa çatdırırıq, payızda da seçkidir. Təəssüf ki, bu günə qədər Azərbaycanda dairə və məntəqə seçki komissiyaları formalaşdırılmayıb. Biz bir də iki aydan sonra toplaşacağıq. Bununla kim məşğul olacaq, niyə bu məsələ həll olunmur, niyə haqqı çatan partiyalar dairə və məntəqələrdə öz nümayəndələrini verə bilmirlər? İki ildir bu məsələ uzadılır və indi də məlum deyil ki, bunu kim həll eləyəcək. Çox xahiş eləyirəm, bu gün bu məsələyə dair bir açıqlama verilsin ki, bilək, biz orada təmsil olunacağıq, yoxsa olunmayacağıq. Bu çox ciddi bir məsələdir.
Mən bir məsələyə də toxunmaq istəyirəm. Oqtay müəllim, burada Təhsil qanunundan söhbət getdi. Bizim qanunlarımızda nəzərdə tutulur ki, Azərbaycan Respublikasının sərhədlərindən kənarda yaşayan azərbaycanlılara dövlətimizdə, xüsusən də təhsil sahəsində müəyyən güzəştlər verilsin. Təəssüf ki, bu qanun indiyə qədər işləmir və Azərbaycanda bircə nəfər də kənardan gəlmiş azərbaycanlı dövlət hesabına oxumur. Başqa yerdən gələnlər necə, azərbaycanlılar da o cür. Bu çox ciddi problemlər yaradıb. Xüsusən Cənubi Azərbaycandan gələnlər burada oxuya bilmirlər. Ermənistan, Gürcüstan onları aparır, pulsuz oxudur. Amma biz bir nəfəri burada oxuda bilmirik. Halbuki bu çox ciddi və Azərbaycanın gələcəyi ilə bağlı məsələdir. Məncə, bizdə bununla bağlı xüsusi bir yanaşma olmalı və xüsusi sənədlər hazırlanmalıdır.
Daha bir məsələyə burada millət vəkili həmkarım toxundu. Azərbaycanda indi regionların inkişafı ilə, kənd təsərrüfatı ilə bağlı müəyyən layihələr var. Amma təəssüf ki, bu layihələr üzrə işlər hələ mənim seçildiyim Yardımlıya gedib çatmayıb. Üzümçülük, tütünçülük sahələri ilə bağlı bir addım inkişaf yoxdur. Bircə taxıl var, onu da yığmaq imkanları yoxdur.
Masallı rayonunda yolun qırağında kəndlər susuzdur, bir dənə artezian quyusu qazmaq imkanı yoxdur. Ona görə də mən istəyərdim ki, regionlarla, xüsusən dağ rayonları ilə çox ciddi məşğul olaq.
O köç yenə davam eləyir, cavanlar gedir və geri qayıtmayırlar. Hansısa bir yolla burada kənd təsərrüfatının müəyyən bir sahəsini sıfırdan başlayıb, inkişaf elətdirmək haqqında düşünmək...
Sədrlik edən. Çox sağ olun. Sabir müəllim, Siz dediniz ki, Ermənistan, Gürcüstan aparıb oxudur. Ermənistan heç  bir nəfər də oxutmur. Amma Azərbaycan öz tələbələrini aparıb oxudur. Siz dəqiq demədiniz. Ermənistan dövləti yox, Ermənistan diasporu yüzlərlə insanı oxudur. Hər yerdə o diaspor oxudur, gətirir. İndi bizim diasporumuz zəifdir, hələ onu eləmir. Bu o demək deyil ki, bunu da dövlətin boynuna qoyaq. Burada xaricdən gəlib, təhsil alanlar – pullu oxuyanlar, pulsuz oxuyanlar çoxdur. Onların sayını lazım gələrsə, dəqiqləşdirərik. Ancaq “Ermənistan oxudur, Azərbaycan oxutmur” demək haqsızlıqdır. Ermənistan heç kimi oxutmur. Ermənistanın diasporu oxudur, özü də xaricdə oxudur.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Azərbaycanlı İrandan gedib Ermənistanda oxuyur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda çox güclü azərbaycanlıdır. Getsinlər, oxusunlar, elələrinin orada oxumaqları yaxşıdır. Qənirə Paşayeva.
Q. Paşayeva. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən bir məsələni qaldırmaq istəyirəm. Həmkarım Jalə xanım bir ölkənin səfirliyi ilə bağlı danışdı. Mən digər bir ölkənin səfirliyindən danışacağam. Söhbət Fransa səfirliyindən gedir. Fransa səfirliyi nə edir? Azərbaycanın çimərlik futbolu üzrə milli yığma komandasına Avropa çempionatına getmək üçün viza vermir. Bütün ciddi-cəhdlərdən sonra yalnız o zaman viza verməyə razılaşır ki, artıq Avropa çempionatına getmək mümkünsüz olur. Yəni Azərbaycanın çimərlik futbolu üzrə milli yığması Avropa çempionatından kənarda qalır. Niyə? Çünki Azərbaycanda fəaliyyət göstərən Fransa səfiri belə qərara gəlir ki, bu adamlar terroristdirlər və bunları Avropaya, Avropa çempionatına buraxmaq olmaz. Azərbaycana və Azərbaycan xalqına qarşı bu nə hörmətsizlikdir səfirliklər edir?!
Ümumiyyətlə, elə səfirliklər var ki, azərbaycanlıların milli məsələlərlə bağlı toplantılara getməsi üçün bir çox hallarda viza verməkdən imtina edirlər. Rəsmi tədbirlərdir, amma milli məsələlərdir. Bunlar viza verməkdən imtina edirlər. Mən düşünürəm ki, – bizim Beynəlxalq münasibətlər komissiyamız var, – Fransa səfirini çağırmaq lazımdır, qoy cavab versin. Mənim birinci xahişim bundan ibarətdir.
İkinci xahişim. Oqtay müəllim, Siz çox gözəl məsələyə toxundunuz. Biz hamımız AŞPA-nın Sədri cənab Luis de Puçu Sizin şəxsən Qubaya aparmağınızı, orada ona ermənilərin Qubada və ümumiyyətlə, Azərbaycanda törətdikləri vəhşiliklər barədə ətraflı məlumat verməyinizi televiziya ekranlarından seyr elədik. Bu çox vacib, çox önəmlidir və mən hesab edirəm ki, Avropa Şurası Sədrinin orada aldığı məlumatlar gələcəkdə bizim nümayəndə heyəti AŞPA-da bu məsələləri qaldıran zaman onun düzgün mövqe tutmasına çox böyük təsir göstərəcəkdir.
Amma mən bir məsələyə toxunmaq istəyirəm. Söhbət Ermənistan hökumətinin müxtəlif xarici şirkətləri aldadaraq, işğal altında olan Azərbaycan ərazilərində fəaliyyətə cəlb eləməsindən gedir. Azərbaycan həmin şirkətlərin məxsus olduğu ölkələrə nota verən zaman o şirkətlər deyir, biz bilməmişdik, üzr istəyirik. Amma fəaliyyəti də davam elətdirirlər. Mən xahiş edərdim, biz bir qanun qəbul edək və orada göstərək ki, Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərən, eləcə də Azərbaycanın işğal olunmuş ərazilərini talayan o şirkətlərlə əməkdaşlıq edən xarici şirkətlər Azərbaycanda persona non-qrata elan edilir və onlar gələcəkdə də Azərbaycana buraxılmayacaqlar.
Sədrlik edən. Qənirə, elə bir qanun olmasa da, bu məsələ nəzarətdədir. Xarici İşlər Nazirliyi işləyir. Elə şirkətlər persona non-qratadırlar, buna heç şübhəniz olmasın. Düzdür, elə şirkətlər olur ki, onların fəaliyyətindən öz dövlətlərinin də xəbəri olmur. Xəbər çatan kimi, əmr verilir, şirkətlər bağlanır, ya gedir. Belə hallar dünyanın hər yerində olur. Özəl şirkətdir, necə deyərlər, özü öz ağasıdır, dünyanın harasında pul çıxara bilirsə, gedib orada işləyir. Bunların da qarşısını alırıq.
Səfirliklərlə əlaqədar məsələyə gəlincə, Jalə xanım da onlarla bağlı narazılığını bildirdi. Məni düz başa düşün, yarızarafat, yarıciddi deyirəm. Səfirliklərdə ən yaxşı münasibət elə deputatlaradır. Hansı səfirlikdə bir görüş olursa, görürəm, bizim millət vəkilləri oradadır. Burada dedikləriniz barədə siz səfirlərin özləri ilə danışa bilərsiniz. Ona görə biz qanun qəbul eləməli deyilik ki. Əgər səhv deyirəmsə, deyin ki, səhv deyirsiniz. Bu məsələləri biz burada niyə qaldırırıq? Millət vəkilisiniz, səfirliyə gedəndə sözünüzü səfirlərə deyin də. Jalə xanım düz deyir, niyə millət vəkilinin maşınını qapının qabağına buraxmırlar? Yenə deyirəm, – məndən çox təmasda olursunuz, – belə məsələləri Milli Məclis səviyyəsində yox, o səviyyədə qaldırmaq daha uyğun olardı. Aydın Həsənov.
A. Həsənov. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən Cəlilabad rayonunun problemini, Oqtay müəllim, Sizə çatdırmaq istəyirəm. Bildiyiniz kimi, Cəlilabad rayonu respublikada ən böyük təsərrüfat rayonlarından biridir. Hörmətli Prezidentimiz 2007-ci ildə Cəlilabad zonasında camaatla görüşündə problemləri soruşdu. Mən də xalqın problemini hörmətli Prezidentə çatdırdım. Dedim ki, hörmətli Prezident, camaatımız kənd yollarından şikayət edir. Deyirlər, Aydın müəllim, Siz köhnə hərbçisiniz, xahiş edirik, BTR və bir dənə tank göndərin, əkdiyimiz təsərrüfat mallarını rayona və Bakıya aparaq. Yol bərbad haldadır.
O məndən soruşdu ki, yol niyə belə bərbad haldadır. Dedim ki, 20-25 il bundan qabaq ulu öndərimizin vaxtında tikilən yol idi. Bu 20 ildə bir vedrə qum tökülməyib ora. Prezident 2007-ci ildə İran sərhədinə qədər həmin yolun çəkilməsi, təmir olunması və bizim rayona bir asfalt zavodunun verilməsi barədə göstəriş verdi. Amma bu günə qədər Cəlilabad rayonunun kəndlərində heç bir iş görülməyib. Mən də rayona gedəndə camaatla görüşərkən mənə ancaq bu barədə sual verirlər. Deyirlər, Aydın müəllim, Prezident Aparatına ərizə yazmışıq. Bizim ərizəyə baxmırlar. Xahiş eləyirik, millət vəkilimiz kimi, bu sözü Milli Məclisdə Oqtay müəllimə çatdırın, yolun bərpası ilə əlaqədar bəlkə o bizə kömək eləyə. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Aydın müəllim, bu məsələni nazirlikdən öyrənərik. Ancaq onu da deyim ki, dövlət asfalt zavodu qurmur. Maşallah, Cəlilabadda iş adamları çoxdur, birini gətirin, asfalt zavodu qursun.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Kim sənə asfalt zavodu qurmağa icazə vermir? Mən sənə kömək eləməyə hazıram. Kim zavod qurmaq istəyir, gəlsin, zavodu qursun. Fuad Muradov.
F. Muradov. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də bir Azərbaycan gənci olaraq, bizim bu sessiyada qəbul olunan qanunları çox yüksək qiymətləndirirəm. Düzdür, bəzi qanunlara, xüsusən Təhsil qanununa vaxt çatmadı. Amma Siz özünüz buna aydınlıq gətirdiniz. Həqiqətən, bu, Azərbaycan gənclərini çox narahat edən bir məsələ idi. O qanun hər bir məsələni həll eləməsə də, ən azı müəyyən məsələləri bir çərçivəyə salmaq olardı.
Mən bir məsələyə də diqqətinizi cəlb etmək istəyirəm. Bu məsələ ağır yük, xüsusən də beton daşıyan maşınların qəzaya uğraması ilə bağlıdır. Son günlərdə biz belə qəzaların çox şahidi oluruq. Təəssüflər olsun ki, həmin hadisələrdən zərər çəkən insanlar gənclərdir. Maşını idarə edənlər də, qəzada yaralanan və ölənlər də gənclərdir. Biz balaca bir araşdırma aparıb, bu məsələnin nəyə görə məhz beton daşıyan maşınlarla bağlı gündəmə gəldiyini öyrənməyə çalışdıq. Aydın oldu ki, o maşınları icarəyə götürən şirkətlər onları müəyyən tikintiyə göndərir və orada həmin maşınlarda işləyən sürücülər beş-altı növbə fasiləsiz çalışırlar. Yəni onlar müqaviləyə görə nə qədər çox maşın sürürlərsə, o qədər də çox maaş alırlar. Təbii ki, bu, yolverilməz haldır.
Mən ona görə indi bunları deyirəm ki, biz gələn sessiya üçün iş planımızı müəyyənləşdirərkən bu məsələni də nəzərdə tutaq. Sizin yadınızdadır ki, biz “Yol hərəkəti haqqında” Qanuna reys avtobuslarının müəyyən dayanacaqlarda dayanıb-dayanmamasını və sürət həddini müəyyənləşdirmək üçün onlara müvafiq cihazlar qoyulması barədə müddəa daxil etdik. O qanuna dəyişiklik eləyə bilərik ki, həmin cihazlar yük maşınlarına, beton daşıyan maşınlara da qoyulsun. Çünki belə qəzalardan, həqiqətən, heç kim sığortalanmayıb. Siz bilirsiniz ki, Azərbaycanda, Bakıda çox böyük tikinti işləri gedir. Bunu nəzərə alaraq, mən hesab eləyirəm ki, bu maşınların işini biz qanunla tənzimləməliyik. Çünki bu sahədə, həqiqətən, böyük problem var.
Viza barədə bayaq burada deyildi. Dəfələrlə bu səfirliklərə müraciət olunub. Bu birinci hadisə deyil. Bundan qabaq Norveçə gedən bir nümayəndə heyəti də bu problemlə üzləşmişdi. Mən özüm bununla bağlı həm yazılı, həm də şifahi şəkildə buradakı səfirliyə müraciət eləmişdim. Təəssüflər olsun ki, məsələ həll olunmadı. Bu yaxınlarda yenə belə bir problem yaşandı. Fransa ilə bağlı ən maraqlısı odur ki, milli komandamızın birinci oyunu məhz Fransa komandası ilə nəzərdə tutulurdu. Düzdür, bizim komanda udmaya da bilərdi. Amma bununla belə...
Sədrlik edən. Çox sağ olun. Viza məsələsini mən artıq qeyd eləmişəm. Bu məsələ ilə Xarici İşlər Nazirliyi ciddi məşğul olur. Həmin ölkələrə də adekvat münasibət olacaq. Bir də ki gələcəkdə viza məsələləri çox yüngülləşdiriləcək. Bunun üzərində iş gedir.
Burada yük maşınları barədə deyilənlərə gəlincə, bu məsələni mən Pənah bəyin qaldırdığı məsələ ilə əlaqələndirərdim. Söhbət tək yük maşınlarından getmir. Pənah bəy Tikinti qanunu haqqında məsələ qaldırdı. Bilirsiniz ki, Tikinti haqqında qanun layihəsinin hazırlanması üçün bizdə artıq işçi qrupu yaradılıb. Bu qanun layihəsi Milli Məclisdə hazırlanıb müzakirəyə veriləcək. Qanun layihəsi üzərində işə hörmətli Səttar müəllim, yəni Həmkarlar İttifaqları Konfederasiyası da, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də, başqa təşkilatlar da cəlb olunublar. Onlar dediyiniz müqavilələrə də baxırlar. Əgər bir maşında üç növbə olmalıdırsa, sürücü bir növbə işləyirsə, o sürücü, doğrudan, işləyə bilməz. O məsələlərə müvafiq nazirliklər baxmalıdırlar. Onlar yalnız bundan sonra layihə barədə fikir deyəcək, rəy verəcəklər.
Mən sizin nəzərinizə bir şeyi də çatdırmaq istəyirəm. Gördüyünüz kimi, aeroport yolunda sürətli avtoban açılıb. Belə yollarda sürücüyə sükan arxasında telefonla danışmaq qəti qadağandır. İndi təsəvvür eləyin, saatda 120 km sürətlə gedirlər, telefon qulaqlarında. Görün, orada necə bədbəxt hadisələr baş verə bilər. Mən bu barədə fikrimi nazirə də deyəcəyəm. Lazım olsa, belə avtobanlarda yol hərəkəti qaydalarını bir qədər də sərtləşdirməliyik. Bakıda artıq sürətli avtobanlar çəkilir. Belə yollarda sükan arxasında telefonla danışmaq böyük fəlakətlərə səbəb ola bilər. Xaricdə bu qaydaların pozulmasına görə çox böyük həcmdə cərimələr təyin olunur. Bu məsələ bizdə də diqqət mərkəzində olmalıdır. Ölkəmizdə avtomobil qəzasından həlak olan insanların sayı hər il azalmaq əvəzinə artır. Ona görə bu məsələyə biz də ciddi diqqət yetirməliyik.
Onu da qeyd edim ki, bu məsələləri biz artıq 37 dəqiqədir müzakirə eləyirik. Yaz sessiyasının son iclasıdır, heç kimi incitmək istəmirəm. Təkid eləyən yoxdursa, gündəliyə keçək. Gündəliyin birinci məsələsi barədə Ziyad Səmədzadə məlumat verəcək. Buyurun, Ziyad müəllim.
Z. Səmədzadə, Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! “Azərbaycan Respublikası hökuməti və Qatar Dövləti Hökuməti arasında hava daşınmalarına dair” Saziş Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının müddəalarına uyğun olaraq imzalanmışdır. Sazişə görə razılığa gələn hər bir tərəf özünün müntəzəm beynəlxalq hava xidmətlərinə münasibətdə digər tərəfə onun ərazisi üzərindən yerə enmədən uçub keçmək, habelə qeyri-kommersiya məqsədləri üçün qeyd edilən əraziyə enmək hüquqları verir.
Saziş 22 maddədən ibarətdir. Bunlar, əsasən, standart maddələrdir. Mülki hava gəmilərinin qanunsuz ələ keçirilməsi və ya hava gəmilərinin, onların sərnişinlərinin və ekipajın, hava limanlarının və aeronaviqasiya vasitələrinin təhlükəsizliyinə qarşı yönəldilən başqa qanunsuz hərəkətlərlə bağlı hadisələr baş verdikdə və ya təhlükə yarandıqda razılığa gələn tərəflər rabitəni təmin edərək bu təhlükəni aradan qaldırmaq məqsədi ilə bir-birinə kömək göstərəcəklər. Saziş onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə iki razılığa gələn tərəfin diplomatik kanallar vasitəsi ilə bir-birinə göndərdiyi sonuncu yazılı bildirişin tarixindən qüvvəyə minəcəkdir. Bu saziş İqtisadi siyasət daimi komissiyasında müzakirə edilmiş və Milli Məclisin sessiyasına tövsiyə edilmişdir. Deputatlardan bu sazişə müsbət münasibət bildirmələrini xahiş edirəm. Sağ olun.
Sədrlik edən. Görürəm ki, müzakirəlik bir şey yoxdur. Ona görə xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 12.43 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0 
İştirak edir 92
Nəticə: qəbul edildi
 
Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti ilə Litva Respublikası Hökuməti arasında dəmiryol nəqliyyatı sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədədir. Ziyad Səmədzadə, buyurun.
Z. Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bu sazişə əsasən Azərbaycan və Litva dövlətləri arasında dəmiryol nəqliyyatının işi, iş şəraitinin və dəmiryol nəqliyyatında təhlükəsizliyin təminatı, dəmiryol nəqliyyatında, habelə Litva Respublikasının və Azərbaycan Respublikasının digər nəqliyyat növləri və xidmətlərdən istifadəçilər arasında qarşılıqlı fəaliyyət tərəflərin qüvvədə olan qanunvericiliklərinə uyğun olaraq həyata keçiriləcəkdir. Hər iki dövlətin qanunvericiliyinə və beynəlxalq hüquq normalarına uyğun öz ərazilərindən hər iki tərəfə və tranzitlə üçüncü ölkəyə yük və sərnişin daşımalarının maneəsiz həyata keçirilməsi üçün lazımi şərait yaradacaqlar. Sənədlərdən irəli gələn fəaliyyətlərin və işlərin təşkilini təmin etmək məqsədi ilə tərəflərin birgə işçi qruplarının yaradılması ilə bağlı konkret müddəalar nəzərdə tutulmuşdur. Sazişin hər iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafına kömək etməsini nəzərə alaraq onun təsdiq edilməsinə səs verməyinizi xahiş edirəm. Sağ olun.
Sədrlik edən. Başqa təklif yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 12.45 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 3  
İştirak edir 99
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti ilə Litva Respublikası Hökuməti arasında beynəlxalq kombinə edilmiş daşımalara dair” Sazişin təsdiq edilməsi barədədir. Ziyad Səmədzadə, buyurun.
Z. Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında bağlanan bu sazişin əsas məqsədi daşınmanın əsas hissəsində – dəmiryolu, daxili su və dəniz nəqliyyatı ilə həyata keçirilən və başlanğıc və son daşıma mərhələsi imkan daxilində qısa olmaqla avtomobil nəqliyyatından istifadə edilən intermodal daşımaları qanunvericiliklə tənzimləməkdir.
Bu xarakterli sazişlər barədə biz Milli Məclisə müntəzəm məlumat vermişik. Saziş 5 il müddətinə bağlanılır. Bu saziş onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə razılığa gələn tərəflərin diplomatik kanallarla sonuncu yazılı bildirişin alındığı tarixdən 30 gün sonra qüvvəyə minir. Millət vəkillərindən sazişə müsbət münasibət bildirmələrini xahiş edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 12.47 dəq.)
Lehinə 83
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2  
İştirak edir 85
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti və Moldova Respublikası Hökuməti arasında vergi hüquqpozmaları ilə mübarizə sahəsində əməkdaşlıq və məlumat mübadiləsi haqqında” Sazişin təsdiq edilməsi barədədir. Ziyad Səmədzadə, buyurun.
Z. Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bu saziş Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlər arasında vergi qanunvericiliyinə əməl edilməsi və bu sahədə pozuntularla mübarizə məsələləri üzrə əməkdaşlıq və qarşılıqlı yardım məsələlərini nəzərdə tutur. 17 maddədən ibarət olan bu sazişin əsas mövzusu, qeyd etdiyim kimi, vergi hüquqpozmaları ilə səmərəli mübarizənin təşkil edilməsi məqsədi ilə tərəflərin səlahiyyətli orqanlarının əməkdaşlığından ibarətdir.
Tərəflər bu saziş çərçivəsində əməkdaşlığın aşağıdakı formalarından istifadə edirlər: vergi hüquqpozmaları ilə bağlı məlumat mübadiləsi; vergi hüquqpozmalarının qarşısının alınmasına, aşkar edilməsinə, aradan qaldırılmasına yönəldilmiş tədbirlərin həyata keçirilməsi ilə bağlı məsələlərdə qarşılıqlı fəaliyyət; hüquqi və fiziki şəxslərin vergiyə cəlb edilməsi ilə bağlı sənədlərin müvafiq qaydada təsdiq edilmiş surətlərinin təqdim edilməsi; milli vergi sistemləri, vergi qanunvericiliyinə edilən dəyişikliklər və əlavələr haqqında məlumatın, habelə vergi hüquqpozmaları ilə mübarizənin təşkilinə dair metodik tövsiyələrin mübadiləsi və s.
Ümumiyyətlə, son illər Azərbaycan Respublikası ilə Moldova Respublikası arasında iqtisadi-siyasi əməkdaşlıq genişlənib. Belə bir sazişin də Milli Məclis tərəfindən təsdiqlənməsi, şübhəsiz ki, iki ölkə arasında bütün sahələrdə, xüsusilə də iqtisadi sahədə əməkdaşlığın genişlənməsinə şərait yaradacaqdır. Ona görə də millət vəkillərindən bu sazişə müsbət münasibət bildirmələrini xahiş edirəm.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 12.49 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2  
İştirak edir 98
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Gündəliyin növbəti məsələsi “Azərbaycan Respublikası Hökuməti və Moldova Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədədir. Ziyad Səmədzadə, buyurun.
Z. Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bu sazişin məqsədi iki dövlət arasında tarixən yaranan dostluq münasibətlərini nəzərə alaraq ticarət, iqtisadi, elmi-texniki və sənaye əməkdaşlığını inkişaf etdirmək və sənaye mülkiyyətinin səmərəli və adekvat mühafizəsini təmin etməkdir. Sazişin müddəalarına əsasən tərəflər sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlığı bu sazişə və onların iştirakçısı olduğu digər beynəlxalq müqavilələrə uyğun olaraq qarşılıqlı fayda və bərabərlik əsasında həyata keçirir və inkişaf etdirirlər. Həmçinin əməkdaşlıq milli qanunvericiliyin uyğunlaşdırılmasına, normativ və digər sənədlərin, mütəxəssislər və iş təcrübəsinin mübadiləsinə yönəldilmişdir.
Bu saziş 5 il müddətinə imzalanır. Təbii ki, bu sazişin reallaşması Azərbaycan Respublikasının Standartlaşdırma, Meteorologiya və Patent üzrə Dövlət Agentliyinin və Moldova Respublikasının İntellektual Mülkiyyət üzrə Dövlət Agentliyinin məsuliyyətini artırır. Bu sazişin reallaşması iki ölkə arasında bütün sahələrdə əməkdaşlığın səmərəsinin artmasına xidmət edəcəkdir. Sazişə müsbət münasibət bildirməyinizi xahiş edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 12.51 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0  
İştirak edir 103
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədədir. Əli Hüseynov, buyurun.
Ə. Hüseynov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri.
Təşəkkür edirəm, cənab Sədr! Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bu əlavə “Konstitusiya Məhkəməsi haqqında” Qanunun “Yekun müddəalarına” təklif olunur. Bilirsiniz ki, 2004-cü ildə qəbul etdiyimiz Qanunun “Yekun müddəaları” Konstitusiya Məhkəməsi hakimlərinin səlahiyyət müddətini tənzimləyir. Təklif olunur ki, Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunmadıqda onlar səlahiyyətlərinin icrasını davam etdirirlər. Təbii ki, bu halda onların səlahiyyət müddəti Konstitusiya Məhkəməsinə yeni hakimlərin təyin olunduğu gündən bitmiş hesab olunur. Düşünürəm ki, “Məhkəmələr və hakimlər haqqında” Qanunun səlahiyyət müddəti ilə bağlı “Yekun müddəaları”na oxşar bir müddəanın “Konstitusiya Məhkəməsi haqqında” Qanuna da təklif olunması kifayət qədər məntiqlidir. Bu, səlahiyyət müddətini tənzimləyən çox vacib bir müddəadır. Millət vəkillərindən bu əlavəyə səs vermələrini xahiş edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 12.53 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf  0
Səs vermədi 1  
İştirak edir 101
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədədir. Əli Hüseynov, buyurun.
Ə. Hüseynov. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! “Məhkəmələr və hakimlər haqqında” Qanuna edilən bu dəyişikliklər isə məhkəmə hakimiyyətində həyata keçirilən islahatlarla bağlıdır. Bilirsiniz ki, bir müddət öncə biz məhkəmə aparatlarını təşkil edərkən Ali Məhkəmədə və Apellyasiya Məhkəməsində çalışan hakimlərdən ötrü köməkçi ştatını nəzərdə tutmuşduq. Eyni zamanda, nəzərə almaq lazımdır ki, 1-ci instansiya məhkəmələrində iş yükü kifayət qədər çoxdur və deyərdim ki, yuxarı instansiya məhkəmələrindən daha artıqdır.
Cənab Prezident tərəfindən təklif olunan bu dəyişikliyin mahiyyəti ondan ibarətdir ki, 1-ci instansiya məhkəmələrinin hakimləri üçün də köməkçi ştatı nəzərdə tutulsun. Düşünürəm ki, bu, işlərin daha keyfiyyətli baxılmasına, ümumiyyətlə, məhkəmə prosesinin təşkilinə, məhkəmə aparatının işinə öz töhfəsini verə biləcək bir dəyişiklik olacaqdır. Sizlərdən bu dəyişikliyi dəstəkləməyi xahiş edirəm. Diqqətinizə görə təşəkkür edirəm.

Azərbaycan  Respublikası  Milli  Məclisi  Sədrinin
birinci  müavini  Z. Əsgərov  sədrlik  edir

Sədrlik edən. Təşəkkür edirəm. Buyurun, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 12.55 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0  
İştirak edir 97
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə dəyişiklik və əlavə edilməsi haqqındadır. Aqrar siyasət daimi komissiyası sədrinin müavini Eldar Quliyevə söz verilir.
E. Quliyev, Milli Məclisin Aqrar siyasət daimi komissiyası sədrinin müavini.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Konstitusiyamızın 96-cı maddəsini rəhbər tutaraq Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə dəyişiklik və əlavə edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsini Milli Məclisin müzakirəsinə təqdim etmişdir. Qanunun “Kənd təsərrüfatı təyinatlı torpaqları və onların tərkibi” adlı 12-ci maddəsinin 4-cü bəndində “və ya bələdiyyənin” sözləri çıxarılır və onun əvəzinə yeni 5-ci bənd əlavə edilir.
Dəyişikliyin məqsədi bundan ibarətdir ki, bələdiyyələr bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların qeyri-kənd təsərrüfatı məqsədi ilə digər kateqoriyalara keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanı qarşısında vəsatət qaldırırlar. Hesab edirəm ki, bu, əhəmiyyətli və vacib məsələdir. Millət vəkillərindən xahiş edirəm ki, qanun layihəsinə müsbət rəylərini bildirsinlər. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm. Çıxış etmək istəyən var? Məjlum müəllim, buyurun.
M. Şükürov. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Həqiqətən də, təklif olunan dəyişiklik bir neçə səbəbdən çox vacibdir. Ən başlıca səbəb ondan ibarətdir ki, bələdiyyə torpaqları məhduddur və bir hissəsi məhz kənd təsərrüfatı təyinatlıdır. Bu gün bələdiyyələrin ən çox maraq dairəsində olan da həmin torpaqlardır. Müəyyən maliyə axını da məhz bu torpaqlardan gəlir. Çox təəssüf ki, bir çox bələdiyyələrdə, xüsusən də rayon mərkəzlərini əhatə edən bələdiyyələrdə kənd təsərrüfatı təyinatlı torpaqların yaşayış, həyətyanı torpaqlara keçirilməsi tendensiyası hiss olunur. Bu da, bilirsiniz ki, kənd təsərrüfatı təyinatlı torpaqların məhdudlaşmasına gətirib çıxarır. Ümumiyyətlə, təbii proseslər, səhralaşma və şoranlaşma nəticəsində ölkənin kənd təsərrüfatına yararlı torpaqları azalır. Digər tərəfdən də rayon mərkəzlərində belə torpaqları satmaq, həyətyanı istifadə üçün vermək və torpaqların təyinatını kütləvi şəkildə dəyişdirmək, məncə, təqdirəlayiq hadisə deyil. Ona görə də məhz belə bir dəyişikliyin, yəni bu prosesin təkcə bələdiyyənin rəyindən asılı olmayaraq icra strukturlarına da həvalə edilməsi, hesab edirəm ki, çox təqdirəlayiq hadisədir.
Burada kənd təsərrüfatında gedən bugünkü işlərdən söz açıldı. Mən də o məsələyə qayıtmaq istərdim. Həqiqətən də, bu gün ölkədə çox mühüm bir dövr, taxıl məhsulunun yığım kampaniyası başlayıbdır. Keçmiş dövrlərdə bu kampaniya ümumxalq tədbiri kimi keçirilirdi. Təəssüf ki, bu gün bu məsələ yalnız torpaqda, kənd təsərrüfatında çalışan insanların qayğısına çevrilibdir. Mən deyərdim ki, ölkə rəhbərliyinin kənd təsərrüfatına yönəltdiyi subsidiya siyasəti bu gün kənd təsərrüfatındakı məhsuldarlıqda özünü açıq şəkildə büruzə verib. Artıq mən inamla deyə bilərəm ki, şimal-qərb bölgəsində bol taxıl məhsulu yetişdirilmişdir. Bu bir daha sübut edir ki, kənd təsərrüfatı adamları, necə deyərlər, “bir verərlərsə, iki qaytararam” prinsipinə sadiqdirlər. Amma mənə elə gəlir ki, yığımla, xüsusən də hava şəraitinin pis keçməsi ilə bağlı müəyyən problemlər var. Bu prosesə, ümumiyyətlə, hamının qoşulması vacibdir. Xüsusən də dünyanın indi yaşadığı ərzaq problemi və qida məhsullarının qiymətlərinin sürətlə artması fonunda bol məhsulun hər dənəsinin toplanması çox vacibdir. Ona görə də məhsul yığımı başa çatmış rayonlardan şimal rayonlarına yığım texnikasının göndərilməsi kütləvi şəkildə təmin edilməlidir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm. Vasif Əliyev.
V. Əliyev. Təşəkkür edirəm, Ziyafət müəllim. Mənim bir sualım var. Bu çox maraqlıdır. Astarada mənə bələdiyyələr müraciət etdilər. Onlar bu vaxta qədər bilmirlər ki, hansı xəritəyə və koordinatlara uyğun torpaq sahələri var. Bu olmadığına görə də biz şəhadətnamənin verilməsində böyük çətinliklərlə qarşılaşırıq. Bu barədə mən bir dəfə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət etmişəm. Onlar deyirlər ki, guya bu var. Amma həqiqətdə bu sənədlərin olmaması müəyyən çətinliklər yaradır. Ona görə istərdim, biləm ki, bu məsələni konkret olaraq hansı komitə yerinə yetirməlidir? Nəyə görə bu vaxta qədər məsələ öz həllini tapmayıb? Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm. Gündəliyin növbəti məsələsində Sizin sualınızın cavabı var. Başqa çıxış etmək istəyən varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 13.01 dəq.)
Lehinə 87
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0 
İştirak edir 87
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi barədədir. Komissiyanın sədri Arif Rəhimzadəyə söz verilir.
A. Rəhimzadə, Milli Məclisin Regional məsələlər daimi komissiyasının sədri.
Qanun layihəsi texniki bir məsələni həll edir. Siz bilirsiniz ki, təxminən ay yarım bundan qabaq Xızı qəsəbəsinə şəhər statusu verilib. “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”na müvafiq düzəliş verilir.
Vasif müəllimin sualına gəldikdə isə nəzərinizə çatdırım ki, bələdiyyələrin torpaqları torpaq islahatı ilə əlaqədar müəyyənləşdirilib və onlara xəritələr verilibdir. Bəzi yerlərdə, sərhədyanı rayonlarda xəritələr verilməyibdir. Bakı şəhərində də belə problemlər var. Amma torpaqlar, əsasən, bələdiyyələrə təhvil verilib. Orada da qeyd olunub ki, həyətyanı sahə hansıdır, kənd təsərrüfatı təyinatlı torpaqlar hansıdır. Bu məsələ Astara rayonunun hansı bələdiyyəsində öz həllini tapmayıbsa, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət etmək lazımdır. Deputat kimi xahiş etmək lazımdır ki, mütəxəssislər sizinlə birlikdə ora getsinlər və məsələni həll etsinlər. Sağ olun.
Sədrlik edən. Təşəkkür edirəm. Buyurun, qanun layihəsinə münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 13.03 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0 
İştirak edir 97
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”nə, Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 887 saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi”nə dəyişikliklər və əlavələr edilməsi barədədir. İcazənizlə, bu barədə mən məlumat verim. Birincisi, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununa edilən dəyişikliklər və əlavələrlə bağlı fikrimi bildirmək istərdim. Burada əsas etibarilə iki maddəyə – 27 və 28-ci maddələrə əlavələr və düzəlişlər edilib. 27-ci maddənin birinci hissəsinə edilən redaktə xarakterli düzəliş sizə paylanılıb. Burada söhbət, əsasən, icbari şəxsi sığortadan gedir. Bu Qanunda dəqiqləşdirmə aparılıb, 27-ci maddənin üçüncü hissəsi çıxarılır. Bu nəylə bağlıdır? 27-ci maddənin ikinci hissəsində verilən məsələ artıq Qanunda öz həllini tapdığına görə, “Nazirlər Kabineti” ifadəsi oradan çıxarılır. Eyni zamanda, bizim Konstitusiyanın 93-cü maddəsinin 4-cü hissəsinə görə qanunlarda və Milli Məclisin qəbul etdiyi qərarlarda göstəriş xarakterli tapşırıqlar ola bilməz. Bu səbəbdən də “Nazirlər Kabineti” ifadəsi çıxarılır.
Əlbəttə, burada ən ciddi məsələ ondan ibarətdir ki, hərbi qulluqçuların sosial, hüquqi müdafiəsinin gücləndirilməsi üçün möhtərəm Prezidentimiz tərəfindən yeni bir addım atılır. Biz keçən iclasımızda bununla bağlı xeyli qanuna əlavələr və dəyişikliklər elədik. Həmin siyasətin davamı olaraq hərbi qulluqçuların mənzil hüququ ilə bağlı da yeni bir norma əlavə edilir.
Fikir vermisinizsə, 28-ci maddənin adında və məzmununda dəyişiklik edilir. 28-ci maddədə söhbət nədən gedir? Bu maddə həlak olmuş hərbi qulluqçuların ailələrinin yaşayış sahələri ilə təmin edilməsi haqqındadır. Bura “həlak olmuş” ifadəsindən sonra “öldükdə” sözü də artırılır. Hesab edirəm ki, bu da hərbi qulluqçuların mənzil hüququnun reallaşdırılması ilə bağlı aparılan humanist siyasətin davamıdır. Əgər hərbi qulluqçu döyüş şəraitində həlak olarsa və yaxud sadəcə olaraq, öz vəzifələrinin icrası zamanı vəfat edərsə, onun ailəsinin ixtiyarı var ki, zərurət olduğu halda abad mənzillə təmin olunma hüququndan istifadə etsin. Hesab edirəm, bu bizim hərbi qulluqçuların mənzil hüququnun təmin edilməsi baxımından olduqca vacib bir addımdır.
Sadaladığım qanunlara edilən digər düzəlişlər texniki xarakterli məsələlərdir. Bilirsiniz ki, biz artıq digər qanunlara “xəsarətalma” sözündən sonra “yaralanma, travma, kontuziya” sözlərini əlavə eləmişik. Elə bu iki qanuna edilən düzəlişlər də bununla bağlıdır. Çıxış eləmək istəyən varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, Aydın Həsənov.
A. Həsənov. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Mən “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununa edilən dəyişikliklərlə bağlı qısaca danışmaq istəyirəm. Əslində, bunlar mahiyyət etibarilə köklü dəyişikliklər deyil. Hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması, xəsarət alması, səhhətinin pozulması, habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticəsinin ehtimalına qarşı hərbi qulluqçu statusu əldə etdikləri gündən onların dövlət tərəfindən icbari şəxsi sığorta edilmələri hərbi qulluqçuların sosial müdafiəsinin yaxşılaşdırılmasına yönəlmiş addımdır. Əslində, bundan əvvəlki variantda da hərbi qulluqçuların sığorta edilmələri nəzərdə tutulurdu. Sadəcə, əvvəlki variantda sığorta hadisəsinin hərbi qulluqçuların hərbi xidmətə daxil olduqları andan həyata keçirilməsi nəzərdə tutulurdu.
Mən “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 27-ci maddəsinə edilən dəyişikliklərlə bir halda razı deyiləm. Belə ki, bu maddədən “sığortalanmanın qaydası, şərtləri və sığorta ödənişlərinin məbləği Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir” müddəasının çıxarılması nəzərdə tutulur. Məncə, buna lüzum yoxdur, çünki bu qaydaları, əslində, Nazirlər Kabineti müəyyən etməlidir. Göstərilən norma qanundan çıxarılırsa və Nazirlər Kabinetini hansı orqan əvəz edirsə, onda onun adını bura yazmaq məqsədəuyğundur.
“Hərbi qulluqçuların statusu haqqında” Qanunun 28, 158, 166, 168 və 178-ci maddələrində “öldükdən, xəsarət aldıqdan sonra” sözlərinin geniş şəkildə təsvir edilməsi zəruridir. Ümumilikdə, Qanuna edilən əlavə və dəyişikliklər məqsədəuyğundur və mən onun lehinə səs verəcəyəm. Fürsətdən istifadə edib, Silahlı Qüvvələrin 90 illik yubileyi münasibəti ilə xüsusi hərbi rütbələr almış, o cümlədən müxtəlif orden və adlarla təltif edilmiş hərbçilərimizi təbrik edir, onlara uğurlar arzulayıram.
İyunun 26-da Silahlı Qüvvələrin 90 illik yubileyinin təmtəraqla qeyd olunması, Azadlıq meydanında hərbi parad təşkil edilməsi, zabitlərimizin orden və adlarla təltif edilməsi, hərbi qulluqçuların maaşlarının artırılması onu göstərir ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev ordumuza diqqət və qayğı göstərir, hərbi potensialımızın güclənməsi üçün bütün insanları səfərbər edir. Ona görə hərbçilər adından cənab Prezidentimizə xüsusi minnətdarlığımızı bildiririk. Mən həm də Azərbaycan polisinin 90 illik yubileyi münasibəti ilə Daxili İşlər Nazirliyində xidmət edən bütün əməkdaşları ürəkdən təbrik edirəm və onlara ağır işlərində uğurlar arzu edirəm. Sağ olun.
Sədrlik edən. Aydın müəllim, sağ olun. Mən məcburam, 27-ci maddənin üçüncü hissəsinin çıxarılması ilə bağlı bir daha izahat verəm. Sığortanın qaydası, şərtləri və məbləği artıq “Hərbi qulluqçuların icbari sığortası haqqında” Qanunda verilib. Axı, biz iki iclas bundan əvvəl həmin Qanuna əlavələr və düzəlişlər elədik. Ona görə də burada “Nazirlər Kabineti”nin qalmasına heç bir lüzum yoxdur. Üstəgəl, mən artıq qeyd elədim, Nazirlər Kabineti ifadəsinin bu Qanunda qalması Konstitusiyanın 93-cü maddəsinə ziddir. Burada qeyri-adi bir şey yoxdur. Buyurun, Pənah Hüseyn.
P. Hüseyn. Çox təşəkkür edirəm, Ziyafət müəllim. Son dövrdə hərbi qanunvericiliklə bağlı müəyyən dəqiqləşmələrin, təkmilləşmələrin, əlavələrin edilməsini, şübhəsiz, vacib hesab edirəm. Ümumiyyətlə, vaxtı gəlib çatmışdır ki, hərbi qanunvericiliyə sistemli şəkildə yenidən baxılsın. Artıq nəzərə almaq lazımdır ki, ölkə NATO standartlarına, yəni hərbi təcrübəsi olan strukturlara inteqrasiya olunur və onların təcrübəsini Azərbaycanda tətbiq edir. Bu baxımdan təqribən 10 il və daha çox bundan əvvəl qəbul olunmuş qanunların sistemli şəkildə dəyişdirilməsinə və təkmilləşdirilməsinə ehtiyac var.
Yeri gəlmişkən, hərbi qulluqçuların əmək haqqının 50 faiz, digər təminatlara aid olan hissənin iki dəfə artırılması, şübhəsiz, hərbi qulluqçular və onların hüquqlarını müdafiə edən bütün Azərbaycan vətəndaşları tərəfindən, – siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı bu məsələdə başqa cür mövqe də tutmur, – müsbət qarşılanmışdır. Bu gün əlavələr etdiyimiz “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 10-cu maddəsinin ikinci hissəsinin, yəni hərbi qulluqçuların əmək haqlarının dövlət qulluqçularının orta aylıq əmək haqlarından az olmaması haqqındakı müddəanın həyata keçirilməsi mühüm bir addımdır. Bir daha təkrar edirəm, növbəti dəfə 50 faiz artırılsa, o halda həmin müddəanın tamamilə yerinə yetirilməsi icra olunmuş olacaqdır. Mən hesab edirəm ki, bu gün də Nazirlər Kabinetində dövlət büdcəsi üzərində iş davam etməlidir. Hamımız yeni büdcə tətbiq edilərkən hərbi qulluqçuların əmək haqqının bu ilin sonundan etibarən növbəti dəfə 50 faiz artırılması məsələsini böyük məmnuniyyətlə görmək istərdik.
Bununla əlaqədar ikinci bir məsələni də deyim. Əmək haqqının, vəzifə maaşının və ərzaq təminatının iki dəfə artırılmasından sonra bəzi hərbi qulluqçular bizimlə əlaqə saxlayıblar. Müdafiə Nazirliyinin xətti ilə peşəkar hərbi qulluqda olan zabitlərə və onların ailələrinə verilən mənzil haqları müəyyən səbəblər üzündən bir neçə aydır ki, dayandırılmışdır. Mən çox istərdim ki, bu məsələ Müdafiə Nazirliyi və yaxud əlaqədar icra hakimiyyəti orqanları tərəfindən həll edilsin, çünki ailə üzvləri, uşaqları olan hərbi qulluqçular üçün bu, çox mühüm bir məsələdir. Respublikanın hər yerində bilirlər ki, mənzillərin kirayə haqqı nə qədərdir. Hesab edirəm ki, bu, bərpa olunmalı və ödənilməmiş aylar üçün də mənzil-kirayə haqlarının ödənilməsi həll edilməlidir.
Hörmətli deputatlar, bu bizim axırıncı iclasımızdır. Bu mənim bu sessiyada planlaşdırdığım axırıncı çıxışdır. Mən yenə hərbi qulluqçularla, onların əmək pensiyaları ilə, mənzil təminatları ilə bağlı məsələlərə texniki xarakterli də olsa, əlavə və düzəlişlər edilməsindən istifadə edərək bir məsələni burada qeyd eləmək istərdim. Həqiqətən, hərbi qulluqçuların mənzil təminatı olduqca mühüm bir məsələyə çevrilmişdir. Yenə büdcə məsələsinə qayıdıram.
Bu yaxınlarda vaxtilə Milli Məclisin deputatı olmuş general Timoşenkonun çox maraqlı bir müsahibəsini oxudum. Orada maraqlı təkliflər var idi. Təkliflərdən biri odur ki, hərbi qulluqçuların əmək haqlarını, təminatlarını hərbi büdcədən ayırmaq lazımdır. Sovet dövründə də bu məsələ büdcənin təsnifatında ayrıca bəndlə verilmişdi. Bəzən bu müəyyən söz-söhbətə səbəb olur. Əmək haqları, mənzil təminatı ilə bağlı maliyyə ayırmaları Azərbaycanda bəziləri tərəfindən qərəzli şəkildə təbliğ olunur. Prinsip etibarilə mənzil təminatı elə məsələdir ki, buna bir neçə il böyük vəsait ayırmaqla problemi, əsasən, həll etmək olar. Sonra, yəqin ki, buna ayrılan vəsait azaldılacaq. Bu digər əmək haqlarına və sair təminatlara da aiddir. Ona görə də büdcə üzərində iş davam etməlidir. Bu məsələ və general Timoşenkonun müsahibəsindəki digər başqa təkliflər nəzərə alınsın. Bunu qanunvericilik qaydasında irəli sürməyə vaxt yoxdur.
Bizim komissiyanın iş vaxtı ayın 15-dək davam edir. Sədrin birinci müavini də həmin komissiyanın sədridir. Təklif edirəm ki, bu məsələ ilə bağlı xüsusi iclas keçirək və müəyyən təkliflərimizi verək. Bir daha təkrar edirəm, şübhəsiz, müəyyən mütərəqqi qanunlar vardır. Müəyyən məsələlərə, Ziyafət müəllim, komissiyada diqqət yetirməmişik, bunlara da izahat verilməlidir. Çünki burada yazılır ki, hərbi qulluqçu statusunu əldə etdikləri gündən. İndi belə gedir, amma əvvəlki variantda “hərbi xidmətə daxil olduqları andan” ifadəsi işlənirdi. Bəzi ekspertlər müraciət etdilər ki, ola bilər, bu, hərbi andiçməyə qədər olan dövrdə hərbi qulluqçular üçün bir sıra problem yaratsın. Bizim hüquqşünaslar və ekspertlər də bu məsələyə aydınlıq gətirib, müəyyən izahatlar verməlidirlər. Mən də bugünkü təklif və düzəlişlərin mütərəqqi xarakterli olduğunu qəbul edirəm. İşin bu istiqamətdə davam etdirilməsini təqdir etdiyimizi və bu məsələni dəstəklədiyimizi bir daha ifadə edirəm. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Adil Əliyev.
A. Əliyev. Çox sağ olun, Ziyafət müəllim. Mən də, təbii ki, qanun layihəsinə səs verəcəyəm. Son zamanlar hərbi qulluqçuların statusu və sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı qanun layihələrinin həddən artıq çox olması sevindirici haldır. Məni hərbçilərlə bağlı narahat eləyən bir məsələ vardır. Mən istərdim ki, bu məsələ, doğrudan da, gündəmdə qalsın, çünki Bakı şəhərində yerləşən hərbi hissələrdə maaşların vaxtında verilməməsi problemi bu gün də mövcuddur. Hərbidə xidmət eləyən dostlarımın və ərazidə yaşayan hərbçilərin müraciətlərindən bilirəm ki, hərbçilər öz maaşlarını vaxtında ala bilmirlər. Maaşlar bəzən bir aya qədər yubadılır. Bu məsələ nəzərdə saxlanılsın və aradan qaldırılsın.
Bu gün Nərimanov rayonunda mövcud olan bir problemlə bağlı çıxış eləmək istəyirdim, amma vaxtımız məhduddur. Nərimanov rayonunda su problemi yay gələndə başlayır, yay qurtaranda həll olunur. İki ildir, bu problem davam edir. Yayda camaatın su problemi, doğrudan da, gündəmdədir. Bir aydır ki, bizim ərazidə su yoxdur. Bu problem nə vaxt həll olunacaq, onu deyən də yoxdur. Xahiş edirəm, bu məsələyə münasibət bildirilsin. Çox sağ olun.

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir

Sədrlik edən. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 13.19 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0 
İştirak edir 92
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Feldyeger rabitəsi haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının 2004-cü il 18 iyun tarixli 682-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Feldyeger rabitəsi orqanında xidmətkeçmə haqqında Əsasnamə”yə, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədədir. Bu məsələyə 3 komissiyada baxılıb. Əli Hüseynov,buyurun.
Ə. Hüseynov. Sağ olun. Cənab Sədr, hörmətli millət vəkilləri! Bu əlavələr və dəyişikliklər “Hərbi qulluqçuların statusu haqqında” Qanuna edilmiş əlavə və dəyişikliklərlə təxminən oxşardır. Məsələ burasındadır ki, feldyeger rabitəsi orqanının işçilərinin və ədliyyə orqanlarında xidmət keçən şəxslərin bir hissəsi hərbi qulluqçulara bərabər olan statusa malikdirlər. Burada edilən dəyişikliklər də əvvəlki dəyişikliklərə oxşardır. “Xəsarət” sözündən sonra “yaralanma, travma və kontuziya” sözləri əlavə olunur. “Həlak olmuş” sözlərindən sonra isə “vəfat etmiş” sözləri əlavə olunur. “Vəfat etmiş” sözünün izahatını hörmətli Ziyafət müəllim verdi. Birinci dəyişiklik isə geniş xarakterlidir. Ona görə düşünürəm ki, ikinci, üçüncü və dördüncü bəndlərdə edilən dəyişikliklər də oxşardır. Biz bu layihəni bütövlükdə səsə qoyub qəbul edə bilərik. Sağ olun.
Sədrlik edən. Başqa təklif yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 13.22 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0 
İştirak edir 93
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Sonuncu məsələ “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci il 19 sentyabr tarixli 1115 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Auditorlar Palatası haqqında Əsasnamə”yə və “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavələr və dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2008-ci il 1 fevral tarixli 535-IIIQD nömrəli Qanununda dəyişikliklər edilməsi haqqındadır. Ziyad Səmədzadə, buyurun.
Z. Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bu qanun layihəsinə edilən dəyişikliklər texniki xarakterlidir. Birinci maddədə texniki xarakter daşıyır və əsasnamədən üçüncü bəndin çıxarılması məsələsi təklif olunur. Bu qanun layihəsinə də müsbət münasibət bildirməyinizi xahiş edirik. Sağ olun.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 13.23 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0  
İştirak edir 97
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Hörmətli millət vəkilləri, bununla da bugünkü gündəliyimizdəki məsələlərin müzakirəsini başa çatdırdıq. Hamınızı təbrik edirəm. Nəzərinizə çatdırım ki, yəqin, gələn həftə Milli Məclisin yaz sessiyası barədə mətbuat konfransı olacaq. İstəyənlər iştirak edə bilərlər.
Hörmətli deputatlar! Beləliklə, Milli Məclisin yüksək işgüzarlıq şəraitində keçən 2008-ci ilin yaz və növbədənkənar sessiyalarını uğurla başa çatdırdıq. Bu sessiyalarda göstərdiyiniz səmərəli fəaliyyətə görə sizin hamınıza minnətdarlığımı bildirirəm.
Milli Məclisin 2008-ci il yaz və növbədənkənar sessiyalarını bağlı elan edirəm.

(Azərbaycan Respublikasının Dövlət himni səslənir.)

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi