2008-ci il 6 may tarixli iclasın stenoqramı

ÜÇÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
VIII  SESSİYASININ
TƏNTƏNƏLİ  İCLASININ

PROTOKOLU  №  82

Milli  Məclisin  iclas  salonu.
6  may  2008-ci  il.  Saat  12.

Milli  Məclisin  Sədri
O. Əsədov  sədrlik  etmişdir


İclasda Milli Məclisin 105 deputatı iştirak etmişdir.

İclasın gündəliyinə aşağıdakı məsələ daxil idi:

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 85 illiyi haqqında.

* * *

Azərbaycan xalqının ümummilli lideri, dünya miqyaslı siyasi və dövlət xadimi Heydər Əliyevin Azərbaycan tarixində rolu barədə məruzə və çıxışlar edilmiş, onun Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətləri qeyd edilmişdir.


Azərbaycan  Respublikası
Milli  Məclisinin  Sədri                                   O. ƏSƏDOV

 


AZƏRBAYCAN  XALQININ  ÜMUMMİLLİ  LİDERİ, DÜNYA  MİQYASLI  SİYASİ  VƏ  DÖVLƏT  XADİMİ HEYDƏR  ƏLİYEVİN  ANADAN  OLMASININ 85  İLLİYİ  MÜNASİBƏTİ  İLƏ

MİLLİ  MƏCLİSİN  TƏNTƏNƏLİ  İCLASI

6  may  2008-ci  il.  Saat  12.

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri 
O. Əsədov  sədrlik  edir

Sədrlik edən. Bir daha xoş gördük, hörmətli millət vəkilləri! Milli Məclisin ulu öndərimiz Heydər Əliyevin 85 illiyinə həsr edilmiş təntənəli iclasını açıq elan edirəm.
(Azərbaycan Respublikasının Dövlət himni səslənir.)
Z. Əsgərov, Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavini.
Hörmətli deputatlar, məruzə üçün söz Milli Məclisin Sədri cənab Oqtay Əsədova verilir. Buyurun, cənab Sədr.

AZƏRBAYCAN  RESPUBLİKASI MİLLİ  MƏCLİSİNİN  SƏDRİ CƏNAB  OQTAY  ƏSƏDOVUN  MƏRUZƏSİ

Hörmətli deputatlar!
Hörmətli xanımlar və cənablar!
Hörmətli media nümayəndələri!
Böyük şəxsiyyətlərin adı zəmanəsinin və xalqının simvoluna çevrilir. Ulu öndər, dünya miqyaslı siyasi və dövlət xadimi Heydər Əliyev Azərbaycan xalqının öz tarixi ərzində yetişdirdiyi ən böyük şəxsiyyətdir. Xalqımızın bütün müsbət keyfiyyətlərini, yaradıcılıq enerjisini öz simasında üzvi şəkildə birləşdirən Heydər Əliyev millətimizin şərəf və ləyaqət rəmzinə çevrilmişdir. Tariximizin son yarım əsrdən artıq bir dövrü Heydər Əliyevin zəkası ilə nurlanmışdır. Yalnız onun sayəsində xalqımız əvvəlcə siyasi və dövlət müstəqilliyinin möhkəm təməlini yaratmış, daha sonra isə bu təməl üzərində qurulan müstəqil dövlətini qoruyub saxlaya bilmişdir.
Tariximizin ən böyük simalarının ön cərgəsində dayanmaq haqqı qazanmış Heydər Əliyev XX əsrin sonlarında və XXI əsrin əvvəllərində ölkəmizin bütün sahələrdə əldə etdiyi nailiyyətlərin ilhamvericisi və təşkilatçısı olmuşdur. Onun dünya siyasət xəzinəsini zənginləşdirən altmış illik nəhəng fəaliyyəti Azərbaycan xalqının əsrlər boyu ürəyində yaşatdığı müstəqil dövlətçilik arzusunun gerçəkliyə çevrilməsində müstəsna rol oynamışdır.
Ulu öndərimizin 1960-cı illərin axırlarında və 1990-cı illərin əvvəllərində hakimiyyətə hər iki gəlişi ölkəmizin və xalqımızın çox ağır sınaqlara çəkildiyi, problemlər məngənəsində boğulduğu dövrlərə təsadüf etmişdir. Hər dəfə də Heydər Əliyev ona bəslənən böyük ümidləri doğruldaraq xalqımızın ümummilli lideri olduğunu sübuta yetirmişdir.
1969–1982-ci illərdə Heydər Əliyevin dahiyanə idarəçilik qabiliyyəti, strateji təfəkkürü və irəlini görmək məharəti sayəsində Azərbaycan, sözün həqiqi mənasında, əsrə bərabər inkişaf yolu keçdi. Sovet İttifaqının ən geridə qalan respublikalarından biri olan Azərbaycan qısa müddət ərzində tənəzzüldən çıxaraq yüksəliş yoluna qədəm qoydu.
Heydər Əliyev böyük uzaqgörənliklə bütün dövlət hakimiyyəti orqanlarının, parlamentin işini xalqın iqtisadi, sosial-mədəni tərəqqisi və milli oyanışı siyasətinin reallaşmasına yönəltdi. Partiya lideri olmaqla yanaşı, o, dəfələrlə SSRİ və Azərbaycan SSR ali sovetlərinin deputatı olmuşdu. Onun təşəbbüsü ilə SSRİ rəhbərliyi Azərbaycanın iqtisadi inkişafı üçün olduqca böyük əhəmiyyətə malik bir neçə mühüm qərar qəbul etmişdi. Bu qərarların hər biri Azərbaycanın xalq təsərrüfatının inkişafına İttifaq fondundan külli miqdarda vəsait ayrılmasına əsas vermişdi.
Heydər Əliyev Azərbaycanın suveren hüquqlarının pozulmasına yönələn bütün cəhdlərin qarşısını vaxtında, qətiyyətlə alırdı. SSRİ-nin 1977-ci ilin oktyabrında qəbul olunmuş Konstitusiyası hazırlanarkən ermənilərin belə cəhdləri xüsusən artmışdı və yalnız Heydər Əliyevin irəli sürdüyü qəti tələblər nəticəsində o vaxt Dağlıq Qarabağın statusu məsələsinə baxılmadı.
Heydər Əliyevin rəhbərliyi ilə fəaliyyət göstərən Konstitusiya komissiyasının hazırladığı və 1978-ci il aprelin 21-də qəbul edilmiş Azərbaycan SSR-in yeni Konstitusiyası mövcud olan məhdud imkanlar daxilində xalqın mənəvi sərvətlərinin, xüsusən dilinin qorunub saxlanması və inkişaf etdirilməsi üçün hüquqi əsasları genişləndirdi. Azərbaycan dili respublikada dövlət dili statusu aldı.
Bir çox vacib sahələrdə, o cümlədən hərbi sahədə milli kadr potensialının yaradılması istiqamətində zəruri tədbirlər görüldü. Ulu öndərimiz Azərbaycanın müstəqillik yollarında qarşılaşacağı problemləri qabaqcadan görür, bu günümüz üçün vacib olacaq problemləri həll edirdi. Məhz onun misilsiz xidməti sayəsində Azərbaycanda orta pillə hərbi kadrlar hazırlamaqda ixtisaslaşan tədris müəssisəsi – C.Naxçıvanski adına hərbi məktəb yaradıldı.
Hərbi mütəxəssislər hazırlayan ali tədris müəssisələrinin maddi-texniki bazası möhkəmləndirildi, bu məktəblərə yerli əhali nümayəndələrinin qəbulu artırıldı. Minlərcə azərbaycanlı gənc Rusiyanın, digər respublikaların hərbi məktəblərinə təhsil almağa göndərildi. O dövrdə hazırlanan kadrlar sonralar ordumuzun özəyini təşkil etdilər.
Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illər siyasi, iqtisadi, mədəni yüksəliş dövrü kimi tariximizə daxil olaraq xalqımızın milli mənlik şüurunun oyanışına güclü təkan verdi. Məhz həmin dövrdə imperiya tərkibində olmağımıza baxmayaraq, Azərbaycanın gələcək siyasi və dövlət müstəqilliyi üçün əsaslı zəmin və möhkəm bünövrə yaradıldı.
1982–1987-ci illərdə Mərkəzi Komitənin Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində çalışarkən Heydər Əliyev Azərbaycanın ardıcıl inkişafı üçün əlindən gələni edirdi. Onun Moskvada hakimiyyətin ən yüksək zirvəsində olması Azərbaycana qarşı düşmənçilik mövqeyi tutan qüvvələrin qarşısında ən böyük sipər idi.
1987-ci ilin oktyabr ayında Heydər Əliyevin Sovetlər Birliyinin rəhbərliyində yüksək vəzifələrdən uzaqlaşdırılması ilə Azərbaycanın faciələrinin əsası qoyuldu. Məhz bu istefa Azərbaycana qarşı hazırlanmış məkrli planların həyata keçirilməsi yolunda ilk addım oldu.
...Aqillər deyiblər ki, şəxsiyyəti olmayan xalqın azadlıq uğrunda mübarizə aparması ağlasığmazdır. Xalq öncə şəxsiyyət ətrafında birləşir, yalnız bundan sonra ideyalar haqqında düşünməyə başlayır. Bu kəlamın nə qədər doğru olduğunu Azərbaycan xalqı 1988–1993-cü illərdə düçar edildiyi fəlakətlərin və itkilərin timsalında bir daha görüb yəqin etdi. Ermənistandan qaçqınların axını, Sumqayıt fitnəkarlığı, Qanlı yanvar faciəsi, xalqımızın böyük zəhmət hesabına topladığı maddi və mənəvi sərvətlərin talan edilməsi, Xocalı soyqırımı, Şuşanın, Laçının, digər torpaqlarımızın işğal edilməsi, insanlarımızın yerindən-yurdundan didərgin salınması − bütün bunlar olmaya da bilərdi. Əgər o dövrdə Azərbaycana Heydər Əliyev rəhbərlik etsəydi, düşmənlərimiz bu məkrli planlarının heç birini həyata keçirə bilməzdilər.
Azərbaycanın “ölüm-dirim” ayrıcında dayandığı, dövlətçiliyimizin müqəddəratının həll edildiyi 1993-cü ilin vahiməli iyun günlərində xalqın təkidli tələbi ilə Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı Azərbaycanı məhv olmaq fəlakətindən xilas etdi. Heydər Əliyevin sayəsində Azərbaycan uçurumun bir addımlığından geri döndü, itirmək üzrə olduğu siyasi və dövlət müstəqilliyini qoruyub saxlaya bildi, xalqımız yadların əsarətinə düşmək təhlükəsindən xilas oldu.
Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1991-ci il oktyabrın 18-də elan olunsa da, onun əsl tarixi məhz qurtuluş günündən başlanır. Çünki ulu öndərimizin dediyi kimi, “Tarix dəfələrlə sübut etmişdir ki, xalqın əvəzsiz milli sərvəti olan müstəqilliyin qorunması onun əldə edilməsindən qat-qat ağır və mürəkkəb vəzifədir”. Bu gün tam inamla söyləmək olar ki, əgər o vaxt ölkədə baş verən hadisələrə Heydər Əliyevin şəxsi müdaxiləsi olmasaydı, Azərbaycan adlı dövlətin varlığına çoxdan son qoyulmuşdu.
Qeyd etmək lazımdır ki, Heydər Əliyevin böyük siyasətə qayıdışı 1993-cü il iyunun 15-də onun Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi ilə başlanmışdır. Ümummilli liderimiz Prezident seçilənədək dörd ay parlamentə rəhbərlik etmişdir. Xilaskarlıq missiyasını həyata keçirmək yolunda onun ilk addımları məhz bu dövrdə və bu binada başlanmışdır. Heydər Əliyevin Azərbaycan parlamentinin Sədri seçilməsi ölkəmizdə qanunvericilik orqanının nüfuzunu yüksək səviyyəyə qaldırdı və onun peşəkar nümayəndəli orqan kimi formalaşması istiqamətlərini müəyyənləşdirməyə imkan verdi.
Milli Məclis ölkədə baş verən mürəkkəb və ziddiyyətli ictimai-siyasi hadisələrin açıq və demokratik şəraitdə müzakirə edildiyi real hakimiyyət orqanına çevrildi. Qısa müddətdə Heydər Əliyev parlamentin ruhunu kökündən dəyişdi, Milli Məclisə siyasi mədəniyyət gətirdi. Onun iclası aparmaq tərzi, öz təkliflərini dəqiq əsaslandırmaq, deputatların çıxışlarının məğzini tutmaq bacarığı, qiymətli fikirləri ümumiləşdirərək müzakirəni səmərəli axara yönəltmək qabiliyyəti əsl parlamentarizm məktəbi idi.
Azərbaycan dövlətini tarixi burulğanlardan xətərsiz çıxarıb xilas etmək, sabit və ardıcıl inkişaf yoluna çıxarmaq üçün böyük siyasi iradə və qətiyyət, çevik və dərin ağıl, zəngin təcrübə, başlıcası isə xalqa tükənməz sevgi tələb olunurdu. Mübaliğəsiz söyləmək olar ki, ümummilli liderimiz dünyanın qolu zorlularının iradəsinə qarşı çıxaraq, onların Azərbaycan üçün hazırladıqları məkrli planları alt-üst etdi, xalqımızı və dövlətimizi qorxunc təhlükələrdən uğurla keçirərək sabitlik və inkişaf dövrünə çatdırdı.
Tamamilə təbiidir ki, sonralar ölkənin ali qanunvericilik orqanı xalqın ən müxtəlif təbəqələrinin arzu və istəklərini nəzərə alaraq Heydər Əliyevin hakimiyyətə qayıtdığı 15 iyun gününü “Milli qurtuluş günü” kimi dəyərləndirdi. Milli Məclisin həmin tarixi qərarında deyilir: “Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə Heydər Əliyevin öz xalqının iradəsinə tabe olaraq ölkə rəhbərliyinə qayıtması, əslində, onun müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı könüllü olaraq öz üzərinə götürməsi idi”.
Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyəti xalqa sədaqətlə xidmət etmək, onun yolunda hər cür fədakarlığa hazır olmaq timsalına çevrilmişdir. 1993-cü ildən 2003-cü ilədək olan on il ərzində onun həyata keçirdiyi nəhəng işlər öz miqyasına görə insanı heyrətə gətirir.
Ümummilli liderimizin xilaskarlıq missiyasında ilk addımı xalqımızın siyasi varlığı üçün böyük təhlükə törədən, ölkəni dağılmaq və parçalanmaq həddinə gətirib çıxarmış dövlət və hakimiyyət böhranını aradan qaldırmaq, vətəndaş müharibəsi təhlükəsinin qarşısını almaq oldu. Heydər Əliyevin o zaman həyata keçirdiklərini başqa cür deyil, yalnız siyasi möcüzə adlandırmaq olar.
Müstəqilliyimizin ilk illərində səriştəsiz siyasi və hərbi rəhbərlik ölkəni və xalqı xarici hərbi təcavüzdən müdafiə etməyə qadir olan silahlı qüvvələrin yaranmasına imkan verməmişdi. Silahlı qüvvələr vahid komandanlığa tabe olmayan intizamsız, pərakəndə silahlı dəstələrdən ibarət idi.
Ulu öndərimiz torpaqlarımızı müdafiə etməyi bacaran milli ordunun formalaşdırılmasını ən böyük vəzifələrdən biri kimi irəli sürdü. 1993-cü il noyabrın 2-də o, televiziya və radio ilə xalqa müraciət etdi. Bu tarixi müraciətində Heydər Əliyev Azərbaycanın düçar olduğu fəlakətlərin, Vətənimizin düşməndən müdafiəsi sahəsində yaranmış ağır vəziyyətin səbəblərini dərindən təhlil etdi, milli ordu quruculuğu məsələsinin həlli üçün ümdə vəzifələri müəyyən etdi. Azərbaycanı bu ağır vəziyyətdən çıxarmaq üçün hamını ayağa qalxmağa, xalqımızın qəhrəmanlıq ənənələrini dirçəltməyə, döyüşkənlik potensialından səmərəli istifadə etməyə çağırdı. Ümummilli liderimizin bu müraciəti döyüş əməliyyatları zonasında dönüşün əsasını qoydu.
Azərbaycan ordusu tezliklə özünü toplayıb düşmənə ağır zərbələr endirdi. Sürətlə möhkəmlənən silahlı qüvvələrimizdən aldığı qüvvətli zərbələr Ermənistan Respublikasını Azərbaycanla silah gücünə danışmağın mümkün olmadığına inandırdı. 1994-cü ilin may ayında cəbhə xəttində atəşkəs elan olundu, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və prinsipləri əsasında sülh yolu ilə nizama salınmasına dair danışıqlara başlandı.
 Ölkə daxilində möhkəm ictimai-siyasi sabitlik təmin edildi. Bu isə Azərbaycan dövlətinin yeni neft strategiyasının həyata keçirilməsinə imkan yaratdı. Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının işlənilməsinə dair xarici neft şirkətləri ilə onlarca saziş imzalandı, Azərbaycan iqtisadiyyatına milyardlarla dollar məbləğində investisiya cəlb edildi. Neftdən götürülən gəlirdən xalqın mənafeyi üçün daha səmərəli istifadə edilməsi məqsədi ilə Neft Fondu yaradıldı.
Azərbaycanın karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılması üçün Bakı–Tbilisi–Ceyhan neft, Bakı–Tbilisi–Ərzurum qaz kəmərlərinin çəkilişinə başlandı. Neft sənayesinin dirçəlməsi iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına da şərait yaratdı. Bazar iqtisadiyyatı prinsipləri tətbiq olundu, iqtisadi islahatlar, o cümlədən torpaq islahatı, özəlləşdirmə aparıldı. Həyatın bütün sahələrində tənəzzülə son qoyuldu, ölkəmiz ardıcıl inkişaf yoluna çıxarıldı.
Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının, ATƏT-in, Avropa Şurasının, Parlamentlərarası İttifaqın, Avroatlantika Tərəfdaşlıq Şurasının, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının, İslam Konfransı Təşkilatının, Müstəqil Dövlətlər Birliyinin, İqtisadi Əməkdaşlıq Təşkilatının və bir sıra digər nüfuzlu beynəlxalq təşkilatların bərabər hüquqlu üzvü, GUAM regional qurumunun təşəbbüsçüsü və fəal iştirakçısı oldu. Ölkəmizin Avropa xalqları ailəsinə inteqrasiyası reallığa çevrildi.
Azərbaycanı dünyaya birləşdirən siyasi bağlar möhkəmləndirildi, dünyanın əksər dövlətləri ilə dostluq münasibətləri quruldu.
Azərbaycanda hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna, hakimiyyət bölgüsünə və demokratik təsisatların yaranmasına, qanunun aliliyinə təminat verən yeni Konstitusiya ümumxalq səsverməsi yolu ilə qəbul edildi, demokratik şəraitdə bir neçə dəfə Prezident, parlament və bələdiyyə seçkiləri keçirildi.
Ölkədə əsaslı siyasi, hüquqi və sosial islahatlara başlanıldı. Şərq və müsəlman aləmində ilk dəfə olaraq ölüm cəzasının ləğv edilməsi və bir sıra digər tədbirlər dövlətimizin beynəlxalq aləmdə nüfuzunu xeyli artırdı.
Bu gün ölkədə onlarca siyasi partiya sərbəst fəaliyyət göstərir. Heydər Əliyevin banisi olduğu Yeni Azərbaycan Partiyası hakim partiya və cəmiyyətin aparıcı siyasi qüvvəsi oldu.
Milli-mənəvi dəyərlərimizin qorunması, mədəniyyətin, ədəbiyyatın və incəsənətin inkişafı üçün lazımi tədbirlər görüldü. Milli dövlətçilik ideologiyası və idarəçilik fəlsəfəsi formalaşdırıldı.
Azərbaycançılıq, müstəqillik və dövlətçilik amalları naminə milli həmrəyliyin yaradılması istiqamətində əməli addımlar atıldı. Dünyanın müxtəlif qitələrində yaşayan soydaşlarımızla əlaqələrin inkişaf etdirilməsi, diaspor təşkilatlarının yaranmasına kömək göstərilməsi dövlət siyasətinin tərkib hissəsinə çevrildi. Azərbaycanın müstəqilliyinin dönməzliyi və əbədiliyi təmin edildi.
Bu möhtəşəm işlərin həyata keçirilməsində Milli Məclis həmişə ümummilli liderimizin yanında olmuş, onun uzaqgörən daxili və xarici siyasətini fəal surətdə dəstəkləmişdir. Yeri gəlmişkən, qeyd edim ki, ulu öndər parlamentə daim böyük diqqət və qayğı göstərmişdir. 1995-ci il noyabrın 24-də Heydər Əliyev birinci çağırış Milli Məclisin ilk iclasında iştirak etmiş, qanunvericilik orqanının üzvlərinə öz xeyir-duasını vermişdi. Sonrakı dövrdə də ümummilli liderimiz parlamentin müxtəlif məsələlərə həsr olunan iclaslarında iştirak və çıxış etmişdir.
Azərbaycanda yeni siyasi və hüquqi sistemin yaradılması məqsədi ilə Milli Məclis ulu öndərimizin təşəbbüsü ilə bir çox mühüm qanunvericilik aktları qəbul etmişdir. Burada ilk növbədə yeni məcəllələrin – Mülki, Mülki-Prosessual, Cinayət, Cinayət-Prosessual, Seçki, Əmək, Ailə və digər məcəllələrin qəbulu xüsusi qeyd edilməlidir. Ümumiyyətlə, ölkədə siyasi, iqtisadi, sosial və hüquq islahatlarının qanunvericilik mexanizminin yaradılmasına və təkmilləşdirilməsinə yönəldilən 1500-ə qədər qanun, qərar və digər aktlar ümummilli liderimizin imzası ilə parlamentə təqdim edilmiş və geniş müzakirələrdən sonra qəbul edilmişdir. Beləliklə, Azərbaycanın demokratik yolla ardıcıl inkişafı, hüquqi dövlət quruculuğu üçün bütün təminatlar yaradılmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ulu öndərin Azərbaycan xalqı və dövləti qarşısında göstərdiyi xidmətlər barədə belə demişdir: “1993–2003-cü illər ərzində Azərbaycanın dövlətçiliyi quruldu. Azərbaycanın inkişaf strategiyası müəyyən olundu. Bütün ölkələrlə xarici əlaqələrimiz qarşılıqlı hörmət və maraqlar əsasında qurulubdur və bu gün də bu belədir. 1993-cü ildən başlanmış və bu günə qədər davam edən iqtisadi və siyasi islahatlar ölkəmizin dünya birliyinə layiqli üzv kimi daxil edilməsində çox mühüm rol oynadı. Azərbaycanda güclü sosial siyasətin əsasları da məhz o illərdə qoyulubdur. Ona görə, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri unudulmazdır, əvəzolunmazdır və onlar tarixi əhəmiyyət kəsb edir.”
Böyük şəxsiyyət dünyadan köçəndən sonra da onun əzəməti xalqının həyatına işıq salır. Tale Heydər Əliyevi xüsusi bir missiya üçün seçmişdi. O özü də bunu hiss edirdi. Bu hiss, bu düşüncə ona güc verirdi, başqalarını aciz edən maneələri aradan qaldırmaqda, xalqımız üçün hazırlanmış buxovları qırmaqda ona kömək edirdi.
Heydər Əliyev xoşbəxt idi, çünki zəhmətinin bəhrəsi olan müstəqil Azərbaycan dövlətinin gələcəyindən arxayın idi. Heydər Əliyevin ruhu da şaddır, çünki başladığı işlər bu gün eyni əzm və iradə ilə davam etdirilir, onun yaratdığı möhkəm təməl üzərində inkişaf edən Azərbaycan Respublikası yeni-yeni zirvələr fəth edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasət Azərbaycanı dünyada ən böyük sürətlə inkişaf edən bir dövlətə çevirmişdir. Ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış inkişaf dinamikası hazırda misilsiz vüsət almışdır. Nəhəng potensialını xalqın mənafeləri naminə inkişaf etdirən Azərbaycan gələcəyə inamla baxan, gözəl perspektivləri olan bir dövlətdir. Xalqımızın maraqları və tələbatı üzərində qurulan sosial-iqtisadi inkişaf xətti hər gün yeni bəhrələr verir.
Azərbaycanın siyasi, iqtisadi və hərbi qüdrəti artmış, ölkəmiz Cənubi Qafqaz bölgəsinin lider dövlətinə çevrilmişdir. Getdikcə daha da artan imkanlarımız qarşıya qoyulan hər bir mürəkkəb vəzifəni uğurla yerinə yetirməyə imkan yaradır. Azərbaycan Avropa ilə Asiyanı, Şimalla Cənubu bir-birinə sıx bağlayan nəhəng iqtisadi layihələrin həyata keçirilməsində həlledici rol oynayır.
Bu gün Azərbaycan Respublikası geniş bir bölgədə söz sahibi olan, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunda qazandığı uğurları ilə dünyanın diqqətini özünə cəlb edən güclü bir dövlətdir. Azərbaycanın xoşbəxt gələcəyi möhtərəm Prezidentimiz İlham Əliyevin uğurla davam etdirdiyi Heydər Əliyev siyasi xətti ilə bağlıdır. Heydər Əliyevin qüdrətli zəkasından güc almış inkişaf strategiyası İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müstəqillik yollarında ardıcıl surətdə irəliləməsini, xalqımızın daha firavan günlərə qovuşmasını təmin edir. Bu gün də belədir, gələcəkdə də belə olacaq, həmişə belə olacaqdır. Diqqətinizə görə minnətdaram. (Alqışlar.)
Sədrlik edən. Hörmətli millət vəkilləri, bilirəm, bu əlamətdar gündə çoxları çıxış etmək istəyir. Ona görə xahiş eləyirəm, yazılın ki, burada narazılıq olmasın. İndi necə təklif eləyirsiniz? Artıq 32 nəfər yazılıb.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. 5 dəqiqə olsun. Etiraz yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Oldu. Abel Məhərrəmov buyursun.
A. Məhərrəmov. Təşəkkür eləyirəm, cənab Sədr. Hörmətli həmkarlar, hörmətli media nümayəndələri! İlk növbədə hər birinizi salamlayır və üzümü cənab Sədrimizə tutub bu gün həm gündəliyə belə bir tarixi yubileyin daxil edilməsinə, həm də bir az öncə bu binada çox gözəl bir kitabın təqdimat mərasiminin keçirilməsinə görə öz adımdan və həmkarlarım adından təşəkkürümü bildirirəm. Mən bu beş dəqiqəlik çıxışımı bir tarixi kəlamla başlamaq istəyirəm: “O xalq xoşbəxtdir ki, onun ümummilli lideri var”. Xalq daha çox xoşbəxtdir ki, ümummilli liderin siyasi kursu ölkədə uğurla həyata keçirilir. Bax, bu gün Azərbaycan xalqı, biz hesab edirik ki, xoşbəxt xalqlardan biridir.
Bəli, bu xoşbəxtliyi ölkəyə liderlər verirlər. Kimlərdir liderlər? Liderlər o şəxslərdir ki, xalqın ağır vəziyyətində hakimiyyətə gəlir, ölkəni xilas edir və onu intibah yoluna istiqamətləndirirlər. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev vətəninə və xalqına məhz belə xidmətlər göstərmiş tarixi bir şəxsiyyətdir.
Mən istəyirəm, başqa bir tarixə, dünya tarixinə də nəzər salaq. Dünyada az-az dövlətlər var ki, ümummilli lideri var. Məsələn, Fransada prezidentlər çox olubdur, ancaq Şarl de Qollu hamımız Fransanın xilaskarı kimi tanıyırıq. Hindistanda prezidentlər çox olubdur. Ancaq Cəvahirləl Nehrunu Hindistanın lideri kimi tanıyırıq. Amerika prezidentlərindən Corc Vaşinqton, Türkiyə prezidentlərindən Mustafa Kamal Atatürk və Azərbaycan xalqının lideri Heydər Əliyev tarixə düşmüş və doğrudan da, ölkənin intibahına nail olmuş şəxslərdir.
Bu gün də xalqımız ümummilli liderimizin siyasi kursuna sadiqdir. Bu siyasi kursa ölkə rəhbəri möhtərəm Prezidentimiz cənab İlham Əliyev uğurla rəhbərlik edir. Bir az öncə mən dünya miqyasında tanınmış dövlət liderlərini misal göstərdim. Ancaq Azərbaycan xalqının böyük oğlu, ulu öndər Heydər Əliyevin o liderlərdən böyük bir fərqi var idi. O, xarizmatik təfəkkürü, praqmatik düşüncəsi, milli təəssübkeşliyi və cəsarətli, radikal addımlar atmağı ilə fərqlənirdi.
Bu yaxınlarda mən Ukraynada və Gürcüstanda oldum. Təsadüf elə gətirdi ki, orada olarkən gördüm, hamı mitinq eləyir. Köhnə günlərimiz yadıma düşdü. Bəli, 1988-ci ildə Azərbaycanda milli hərəkat başlayanda bizdə də o vəziyyət idi. O günləri biz də yaşamışdıq. Ancaq nəhayət, biz liderimizi tapdıq. O bəlalar, qara buludlar başımızın üzərindən çəkildi. Düşündüm ki, indi onlar mitinq eləyir, öz liderlərini axtarırlar. Ancaq əfsuslar olsun ki, hələ tapa bilməyiblər.
Bu gün ölkəmiz bütün göstəricilər üzrə iri addımlarla irəli gedir. İqtisadiyyat sahəsində böyük uğurlarımız var. Lakin mən təhsil işçisi olduğuma görə bir neçə kəlmə elm, təhsil barəsində danışmaq istəyirəm. Bu gün Prezidentimiz cənab İlham Əliyev Azərbaycan ziyalıları qarşısında böyük bir məsələ qoymuşdur. Məsələnin mahiyyəti ondan ibarətdir ki, bu gün Azərbaycan ziyalıları Azərbaycanın iqtisadi potensialını intellekt kapitalına çevirməlidirlər. Bax, bu gün Azərbaycan ziyalıları bu istiqamətdə düşünür, bu istiqamətdə islahatlar aparır, bu məqsədə doğru iri addımlarla irəliləyirlər. Ona görə də mən hesab eləyirəm ki, liderlərin istək və arzuları bu gün ölkədə uğurla həyata keçirilir.
Yaxşı yadımızdadır, vaxtilə biz milli liderimiz Heydər Əliyevin göndərişi ilə Moskvanın, SSRİ-nin ən aparıcı institut və universitetlərinə getmiş, ali təhsil alıb Azərbaycana qayıtmışdıq. O ənənə bu gün də davam etdirilir. Ölkə rəhbərimizin təhsil sahəsində islahatları hesabına yaxın dörd ildə beş min azərbaycanlı gənc dünyanın ən aparıcı ali məktəblərinə oxumağa göndəriləcəkdir. Artıq bu işə start verilibdir. Mən hesab edirəm ki, bu gün tarixi yubileydir. Allah ulu öndərimizə qəni-qəni rəhmət eləsin, Prezidentimizə can sağlığı versin. Sağ olun.
Sədrlik edən. Çox sağ olun, Abel müəllim. Jalə Əliyeva.
J. Əliyeva. Təşəkkür eləyirəm. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Cəmi bir neçə gündən sonra bütün Azərbaycan xalqı ulu öndərin 85 illiyini təntənə ilə qeyd edəcək. Əslində, yubiley təntənələri çoxdan ölkənin daxilində, həm də xaricində start götürüb. Hər gün ulu öndərin yubileyinə həsr olunan onlarla toplantı, konfrans keçirilir və tribunalara qalxan insanlar onun haqqında bildiklərini, eşitdiklərini, duyğularını dilə gətirirlər.
Ulu öndərin haqqında həm öz sağlığında, həm də o, haqq dünyasına qovuşduqdan sonra qalaq-qalaq əsərlər yazılıb, kitablar çap edilib, şeirlər bəstələnib, filmlər çəkilib. Bütün bu əsərlər, mən deyərdim ki, artıq bu gün tariximizi əks etdirən əsərlərdir. Bugünkü həqiqətimiz sabahkı Azərbaycan tarixidir. Bu gün bir az əvvəl təqdimatına yığışdığımız kitab da müasir Azərbaycan parlamentinin banisi olan Heydər Əliyev haqqında silinməz tariximizdir. Mən fürsətdən istifadə edərək, kitabın yaradıcılarına, Oqtay müəllim, şəxsən Sizə, Səfa müəllimə, Mehman müəllimə öz təşəkkürlərimi bildirmək istəyirəm.
Özünü dərk etdiyi andan gözlərini yumduğu ana qədər Heydər Əliyevin atdığı hər addımın, söylədiyi hər sözün dərin bir mənası var. Heydər Əliyev bir bütündür, bir bütövlük rəmzidir. Heydər Əliyevin uşaqlıqdan bəri ən böyük arzusu müstəqil Azərbaycan dövləti olub. Biz bunu onun çoxsaylı müsahibələrini diqqətlə izləyəndə görürük. Uşaqlığından bəri xəyalında bəslədiyi müstəqilliyə nail olmaq arzusunu qəlbində daim yaşadaraq, bütün ömrünü bu ideyanı həyata keçirməyə həsr etməsi buna parlaq sübutdur. Onun zəngin irsi ilə dərindən tanış olanda anlayırsan ki, zəkası tamamilə bir ideyaya, bir düşüncəyə istiqamətlənmişdi – azad, suveren, müstəqil Azərbaycan!
Gəlin, bir anlıq sizinlə birlikdə tarixə nəzər salaq. Azərbaycan ötən əsrdə iki dəfə müstəqilliyini elan etdi. İlk müstəqilliyin ömrü cəmi 23 ay oldu. İkinci müstəqilliyin, müstəqillik elanının hansı fəlakətlərlə, bəlalarla qarşılaşdığını, sadəcə, bu salonda oturanlar deyil, Azərbaycan xalqının hər bir nümayəndəsi bilir. Elə bu zaman xalqın tələbi ilə Bakıya gələn Heydər Əliyev müstəqilliyimizi xilas etdi. Xilas etdi demək azdır, onu yaşatdı, əbədi etdi və xalq haqlı olaraq ona ulu öndər adı verdi.
O, siyasəti dərindən bilən, siyasi gedişlərdən çox yaxşı xəbərdar olan, qonşu dövlətlərin, region ölkələrinin, dünyanın güc mərkəzlərinin hədəflərini məharətlə anlaya bilən böyük bir dövlət xadimi idi. Heydər Əliyev gənc Azərbaycan Respublikasının bərqərar olması və öz ayaqları üzərində möhkəm dayanması üçün dərin zəkasını, bütün enerjisini sərf etdi. Azərbaycanı daxili və xarici təhlükələrdən qurtaran, onu bölünməkdən, parçalanmaqdan xilas edən Heydər Əliyev oldu. Sonu görünməyən insan itkisinə, fəlakətlərə aparan Qarabağ münaqişəsində atəşkəs məhz onun iradəsi ilə elan edildi.
Onun uzaqgörən siyasəti nəticəsində Azərbaycan çox əhəmiyyətli beynəlxalq müqavilələrə imza atdı. Azərbaycan strateji əhəmiyyət daşıyan layihələrə qoşuldu. Azərbaycanda məhz onun rəhbərliyi altında iqtisadi, siyasi, sosial, mədəni, hərbi quruculuq sahələrində böyük proqramlar hazırlandı və həyata keçirilməyə başlandı. Azərbaycan bütün qonşu dövlətlərlə, dünya ölkələri ilə tarazlaşdırılmış siyasət həyata keçirdi. Ölkənin xoşbəxt gələcəyinə, xalqın firavan həyatına istiqamətlənən addımlar atıldı. Təbii ki, bütün bunlar bizə ulu öndər Heydər Əliyevin ərməğanı, mirasıdır.
Lakin düşünürəm ki, ulu öndərin bizə ən böyük ərməğanı, ən böyük mirası Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevdir. Ulu öndər heç vaxt yanılmırdı, illərin zəngin təcrübəsinə dayanan iti ağlı, dərin məntiqi, geniş dünyagörüşü ona həmişə doğru yol göstərirdi və ulu öndər “mən ona özüm qədər inanıram” deyərkən yenə də yanılmadı. Bir daha xalqa nicat yolunu göstərdi. Və bu gün bu sözlərin həqiqət olduğunun biz hamımız şahidiyik. Ölkədə gedən nəhəng quruculuq işləri, gündən-günə güclənən iqtisadiyyatımız, sürətlə abadlaşan və inkişaf edən şəhər və kəndlərimiz, mədəniyyətə, elmə, səhiyyəyə göstərdiyi əvəzsiz qayğı, ən ümdəsi Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda göstərdiyi qətiyyət və siyasi iradə üçün möhtərəm cənab Prezidentə borcluyuq. Əgər müstəqil Azərbaycan Heydər Əliyevin əsəridirsə, dəyişən, inkişaf edən, müasir və güclü Azərbaycan dövləti də İlham Heydər oğlu Əliyevin əsəri, onun dönməz iradəsinin, yorulmaz fəaliyyətinin bəhrəsidir.
Sədrlik edən. Çox sağ olun. Asəf Hacıyev.
A. Hacıyev. Çox sağ olun, Oqtay müəllim. Hörmətli millət vəkilləri! Bu günlərdə ölkəmizdə Azərbaycanın dahi Prezidenti, ulu öndər Heydər Əliyevin 85 illik yubileyi qeyd olunur. Tarix bir süzgəcdir. Tarixə dahi və istedadlı insanların adları yazılır. İstedadlı insanların fəaliyyəti zaman çərçivəsində uğurla nəticələnir. Amma dahilərin onlardan fərqi ondan ibarətdir ki, dahilər üçün zaman anlayışı yoxdur. Dahilər vaxtdan uca olur, ölkələrinə sabitlik və xalqlarına xoşbəxtlik gətirirlər. Dahilərin fəaliyyətinin kökündə hər zaman dərin intellekt durur.
XX əsrdə siyasət aləmində bir neçə dahi insanın adını çəkmək olar. Teodor Ruzvelt, Uinston Çörçill, general Şarl de Qoll... Bunların hamısı böyük ölkələrin nümayəndələri idi. Amma sözsüz ki, bu sırada kiçik Azərbaycanın nümayəndəsi Heydər Əliyevin xüsusi rolu var. Teodor Ruzveltlə Heydər Əliyev arasında çox sıx paralellər aparmaq olar. Teodor Ruzvelt Amerikanın ən ağır günlərində hakimiyyətə gəldi. Böyük depressiya zamanında o, amerikalıların həyatına inam gətirərək, ölkəni böhrandan qurtardı və minnətdar Amerika xalqı onu dörd dəfə Amerikanın prezidenti seçdi. Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gələndə Azərbaycanın iqtisadiyyatı artıq dağılmışdı, ölkə vətəndaş müharibəsi vəziyyətində idi. O, xalqa inam gətirərək, ölkəni bu böhrandan qurtardı və müstəqil Azərbaycan dövlətini qurdu. Teodor Ruzveltlə Heydər Əliyevi birləşdirən o idi ki, müxtəlif siyasətçilər məsələni həll eləmək üçün qan tökəndə onlar mürəkkəb töküb bu məsələni həll eləyirdilər və hər ikisinin fəaliyyətinin kökündə dərin intellekt dururdu.
Bu iki lider xalqın mənəvi və mədəni dəyərlərinə çox bağlı idi. Mən bununla bağlı bir epizod danışmaq istərdim. 1992-ci ildə böyük ölkələrdən birinin Baş naziri Azərbaycana gəldi və Elmlər Akademiyasında oldu. Elmlər Akademiyasının tavanında olan gözəl naxışları görüb, ona İran mədəniyyətinin unudulmaz naxışları dedi. O zaman Heydər Əliyev Naxçıvanda Ali Məclisin sədri idi. 1994-cü ildə Heydər Əliyev bu ölkədə səfərdə oldu və həmin şəxslə görüşərkən ona xatırlatdı ki, mənim aldığım məlumata görə, Siz 1992-ci ildə Azərbaycanda olmusunuz və Elmlər Akademiyasının binasında tavanda olan gözəl naxışlara İran mədəniyyətinin unudulmaz naxışları demisiniz. Siz, yəqin ki, İranda yaşayan 25 milyon azərbaycanlının mədəniyyətini nəzərdə tutursunuz. Tamamilə haqlısınız, bu mədəniyyət Azərbaycan xalqının mədəniyyətidir və hər bir azərbaycanlı bununla fəxr edir. Artıq bu epizod göstərir ki, Heydər Əliyev Azərbaycan xalqının mənəvi və mədəni dəyərlərinə nə qədər bağlı idi. Digər tərəfdən, bu, gənc nəslə bir mesaj idi ki, insan öz xalqının mənəvi dəyərlərinə necə bağlı olmalıdır.
1969-cu ildə Heydər Əliyev Azərbaycan Kommunist Partiyasının birinci katibi seçildi və o zaman Qərb mətbuatı çox soyuq olaraq, bu dəyişikliyə mənasız bir dəyişiklik dedi. Amma bir ildən sonra həmin Qərb mətbuatı böyük manjetlərlə – “Azərbaycanda görünməyən bir hadisə”, “Kommunist Partiyasının lideri korrupsiya ilə mübarizə aparır” başlıqları ilə çap olundu. Bu, artıq Heydər Əliyevin siyasi Olimpə gedən addımları idi. 1993-cü ildə Heydər Əliyev hakimiyyətə gələndə yenə Qərb mətbuatı yazdı ki, artıq iqtisadiyyatı dağılmış, vətəndaş müharibəsi vəziyyətində olan Azərbaycanı hətta Heydər Əliyev kimi təcrübəli siyasətçi də xilas edə bilməz. Amma bir ildən sonra yenə Qərb mətbuatı böyük manjetlərlə çıxdı ki, Azərbaycanda əsrin neft kontraktı imzalandı. Bunun kökündə, sözsüz ki, Heydər Əliyevin dərin intellekti dururdu.
1996-cı ildə Danimarkanın paytaxtı Kopenhagendə Birləşmiş Millətlər Təşkilatı zirvə toplantısı təşkil eləmişdi və gələn qonaqları Butros Qali qarşılayırdı. O, Heydər Əliyevi görərkən bağrına basdı və bir az sonra mətbuat konfransında dedi: “Mən Azərbaycan xalqının tarixinə və mədəniyyətinə böyük hörmət bəsləyirəm və Heydər Əliyev bunun nəinki parlaq daşıyıcısıdır, o, yüksək intellektə malik olan bir şəxsdir”. SSRİ zamanında Heydər Əliyev SSRİ-nin ən yüksək qurumuna – Siyasi Büroya seçildi. Bilirsiniz ki, Siyasi Büronun tarixində 177 üzv olub və oradan uzaqlaşdırılan heç bir şəxs siyasi Olimpə qayıtmayıb. Heydər Əliyev bir istisna oldu.
Bir neçə il bundan qabaq Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinin 60 illik yubileyi keçirildi. Orada qeyd olundu ki, bu ali məktəbi 100 min nəfər bitirib. Ancaq biri ən yüksək vəzifəyə, prezident vəzifəsinə layiq olub. O da Azərbaycanın nümayəndəsi İlham Əliyevdir.
Sədrlik edən. Zahid Orucov.
Z. Orucov. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! İlk yubileydir ki, biz onu ulu öndərin özünün iştirakı olmadan keçiririk. Bu cismani yoxluq dövründə belə, ulu öndərin adı, xatirəsi, ruhu dövlət quruculuğunda bu milləti təşkil olunaraq yaratmağa səfərbər eləyir. Yəni bu dövrün özü də sübut elədi ki, Heydər Əliyevin qurduğu sistem mükəmməldir və ondan sonrakı dövrdə də işləyir.
Mənim anlamımda ulu öndərin şəxsi həyatı millətin həyatına elə qarışıb ki, onların dəqiq sərhədlərini müəyyən etmək çox çətindir. Bu mənada biz millətin böyük bir tarixini öyrənmək üçün ya Heydər Əliyevin, ya da millətin tarixini öyrənməli oluruq. Azərbaycanın tarixində belə simalar çox azdır. Mən hesab eləyirəm ki, bəlkə Qərb aləmində oturuşmuş sistemlərdə fərqli qaydaların əsası var. Amma postsovet məkanından çıxmış ölkələrin əksəriyyətində dövlət ona rəhbərlik eləyənə çox oxşayır. Azərbaycanın keçmiş dönəmində bizə rəhbərlik eləyənlərə baxsanız, görəcəksiniz ki, yalnız ulu öndərin daşıdığı parametrlər, siyasi mükəmməllik bütövlükdə dövlətin ruhuna, onun idarəçilik elementlərinə elə hopmuşdur ki, dövlət və Heydər Əliyev bərabərliyini qoyurduq. Bir çoxlarına bu başqa cür görünsə də, zamanında, tarixdə, XIV Lüdovikdən gələn “dövlət mən özüməm” formulu bu mənada daha uğurlu idi. Bu bir çoxlarına demokratik görünməyə bilərdi. Amma o dövrün tarixini yaşayanlar bilirlər ki, yalnız bu modellə Azərbaycan özünü müstəqil dövlət kimi qura bilərdi.
Heydər Əliyev iki dövrün qəhrəmanıdır. O, əslində, sistem adamıdır, sistemin yetirməsidir. Keçmiş sovet nomenklaturası on minlərlə, bəlkə yüz minlərlə belə simalar yetişdirmişdi. Lakin ulu öndərin qurub-yaratmaq eşqi və enerjisi, siyasi fəhmi o qədər güclü idi ki, o hər hansı qəliblərdən yüksəkdə dayanmağı bacardı və sübut elədi ki, heç bir ideoloji, siyasi, mərkəzləşmiş totalitar sistem bir insanın xalqa xidmət eləmək istəyinin qarşısını ala və onun əməllərinə sədd çəkə bilməz. Bu mənada Heydər Əliyev həm o, həm də ondan sonrakı dövrün, yəni tamamilə əks siyasi formasiyaların qəhrəmanı ola bildi.
Heydər Əliyev Azərbaycan xalqının da dövlət qurmaq iqtidarında olduğunu sübuta yetirdi və bu mənada bizi dünya xalqlarının sırasına qata bildi. Açıq etiraf eləyək ki, bu gün dünyada dövlət qurmağın nə dərəcədə ağır, çətin və mürəkkəb olduğu göz qabağındadır.
Heydər Əliyev xalqın, millətin və onu tanıyan insanların gözündə nə qədər mükəmməl idisə, özünə qarşı bir o qədər tələbkar və qəddar idi. Bir dəfə Respublika sarayında çıxışlarının birində səmimi olaraq etiraf elədi ki, o özünə qarşı son dərəcə qəddar və tələbkar olur. Mən deyərdim ki, bu qəddarlıq və tələbkarlıq Heydər Əliyevi o cür böyük şəxsiyyət eləməyə imkan vermişdir.
Heydər Əliyev keçdiyi həyat yolunda həddindən artıq xəyanətlərlə də üzləşibdir. Bunu mütləq demək lazımdır. Bu xəyanətlər, əslində, onun şəxsi düşmən qazanması səviyyəsində olmayıb. Heydər Əliyev həmişə Azərbaycanın milli maraqlarını düşünərək, kimlərinsə timsalında düşmən qazanıbdır və bu düşmənlər, əslində, millətə və dövlətə qarşı olan düşmənlər şəklində olubdur. Baxın, Heydər Əliyevə xəyanət eləyən və onun siyasi xəttindən özünü kənarda qoyan adamları millət də öz həyatından silib atıbdır.
Heydər Əliyevin cismi, uyuduğu yer də bir müqəddəs torpaq kimi bu gün Azərbaycanın dövlət quruculuğunda iştirak edir. Bilirsinizmi necə? Xaricdən gələn hər kəsin gəlib orada baş əyməsi ilə. Bu millətin istər tarixi, istərsə də qeyri-tarixi günlərdə gedib orada baş əyməsi ilə. Heydər Əliyev bu gün dövlətin qurulmasında ruhu ilə iştirak edir. Mənim dərin inamıma görə 50 il bundan sonrakı dönəmdə Azərbaycanın Prezident Əliyev sayağı bir şəxsiyyəti olmasa da, bu dövlət Heydər Əliyevin siyasi kursuna həmişə sadiq qalacaq. Sağ olun.
Sədrlik edən. Sağ olun. Xanhüseyn Kazımlı.
X. Kazımlı. Çox sağ olun. Hörmətli Sədr, hörmətli deputat həmkarlar! Bu gün biz iki müqəddəs tarixi – ümummilli liderimizin anadan olmasının 85 illiyini və Azərbaycan parlamentinin 90-cı ildönümünü qeyd etməyə toplaşmışıq. Biz artıq bu gün səhər ümummilli liderimizin abidəsi önünə əklil qoymuş, daha sonra “Heydər Əliyev müasir Azərbaycan parlamentinin banisidir” kitabının təqdimat mərasimində iştirak etmişik. Əlbəttə, bütün bu işlər parlament rəhbərliyinin iradəsinin, zəhmətinin, gərgin əməyinin bəhrəsidir. Buna görə, hörmətli Sədr, Sizə təşəkkürümüzü bildiririk.
Bu gün Azərbaycan xalqı, eləcə də dünyanın mütərəqqi qüvvələri tərəfindən Heydər Əliyevin həyat və fəaliyyətinin lazımınca qiymətləndirilməsinə cəhd göstərilir. Mən ümidvaram ki, bundan sonra da gələcək nəsillər tərəfindən Heydər Əliyevin həyat və fəaliyyətinə, onun Azərbaycan xalqı, Azərbaycan dövləti üçün gördüyü böyük işlərə lazımi qiymət veriləcəkdir. Burada artıq qeyd olundu, doğrudan da, Heydər Əliyevin millət üçün gördüyü işlərə qısqanclıqlar, xəyanətlər çox olmuşdur. Amma Heydər Əliyev bunlara özünün qabiliyyəti, ləyaqəti, iradəsi ilə mərhələ-mərhələ lazımi cavab verərək bütün çətinliklərdən qürurla çıxmışdır. Mən əminəm ki, Heydər Əliyevin Azərbaycan xalqı və dövlətinə göstərdiyi misilsiz xidmətlər gələcək nəsillərə də örnək olacaqdır.
Bu gün ümummilli liderimiz Heydər Əliyevin əməyi, onun dövlət quruculuğundakı xidmətləri Azərbaycan xalqı tərəfindən layiqincə qiymətləndirilir. Bunun səbəblərindən biri də Azərbaycanda Heydər Əliyev strategiyasının uğurla davam etdirilməsidir. Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən bu strategiya uğurla davam etdirildikcə Azərbaycan xalqının gələcəyə bəslədiyi böyük ümidlər gerçəkliyə çevrilir. Bu isə xalqımızı Prezidentimizin ətrafında daha sıx birləşməyə, onun fəaliyyətini daha çox dəstəkləməyə sövq edir.
Hörmətli millət vəkilləri, bu gün Azərbaycan xalqını ən çox düşündürən Qarabağ problemi Prezidentimizin diqqət mərkəzindədir. Hələ 1982-ci il yanvar ayının 18-də Heydər Əliyev Şuşa şəhərində Vaqifin məqbərəsinin açılışında iştirak edərkən onunla birlikdə Zərifə xanım Əliyeva da qışın qarlı günündə o tədbirdə iştirak etmişdir. Bu günlərdə Zərifə xanım Əliyevanın da anadan olmasının 85 illiyi tamam olur. Get-gedə bəşəriyyətin Qarabağ həqiqətlərini qəbul etməsi və bizim bu sahədə əldə etdiyimiz nailiyyətlər, uğurlar sübut edir ki, yaxın zamanlarda Qarabağ düşmən işğalından azad olacaq və Heydər Əliyevin davamçıları olan İlham Əliyev və Mehriban xanım Əliyeva Qarabağda həmin abidələrin bərpasında iştirak edəcəklər. Bu bir daha Azərbaycan xalqı üçün böyük töhfə olacaqdır. Buna mən ümidvaram. Azərbaycan xalqı gələcəyə böyük ümid bəsləyir.
Sədrlik edən. Çox sağ olun, Xanhüseyn müəllim. İmamverdi İsmalıyov.
İ. İsmayılov. Sağ olun, cənab Sədr. Hörmətli millət vəkilləri! Tarixdə elə insanlar var ki, onların əzəmətini heç bir sözlə ifadə etmək mümkün deyil. Heydər Əliyev də belə insanlardandır. Bu adın ucalığı bütün epitetləri kölgədə qoyur. Azərbaycan xalqı olaraq biz, Heydər Əliyevi ulu öndərimiz adlandırırıq. Amma etiraf edək ki, bütün bunlar da onun milli təfəkkürümüzdə daşıdığı statusun yalnız müəyyən bir hissəsidir.
Bəs Heydər Əliyev bizim üçün kimdir? Bu sualın cavabı Heydər Əliyevin dünyaya gəlişindən bəri ötən tarixin hər anında əks olunub və biz Heydər Əliyev ömrünün hər anına tarix kimi yanaşmalıyıq. Ona görə ki, Heydər Əliyev onun müəllifliyi ilə yaranan tarixin yaddaşlara köçürülməsi məsələsində son dərəcə həssas idi. Bu tarix heç də asan, sadə bir ömrün tarixi deyil, ən mürəkkəb situasiyaların, çıxılmazlıqların və mübarizələrin tarixidir. İndi elə bir arxiv sənədi göstərin ki, ömrü boyu jurnalistlərin əhatəsində, kamera qarşısında olmuş bu insanın bu qədər kəşməkəşlər, çıxılmazlıqlar önündə Azərbaycan xalqına qarşı hansısa bir yanlış addımına şəhadət gətirsin. Yoxdur belə bir fakt.
Heydər Əliyevin xarizması, liderlik keyfiyyətləri ona sanki tanrının hədiyyəsi idi. Bu keyfiyyətləri təhsil, özünütəlim nəticəsində mənimsəmək qeyri-mümkün görünür. Heydər Əliyev filoloq deyildi, natiqlik elmi ilə məşğul olmamışdı, amma ən qabiliyyətli filoloqlar da, nitq mədəniyyəti üzrə peşəkar mütəxəssislər də Heydər Əliyev nitqinin aydınlığına, səlisliyinə, əlvanlığına, bu kamil insanın Azərbaycan və rus dillərinin incəliklərinə, hətta məhəlli xüsusiyyətlərinə belə dərindən bələd olmasına, sözləri belə sərrastlıqla seçməsinə həsəd aparırdılar.
Xalqını dərin məhəbbətlə sevən bu insan özünə qarşı son dərəcə tələbkar, hətta deyərdim ki, bir qədər amansız idi. Heydər Əliyev ömrünün ixtiyar çağlarında da o şax, əzəmətli qaməti ilə eyni nöqtədə saatlarla ayaq üstə dayanıb nitq söyləyirdi. Amma heç kim onun çöhrəsində, hərəkətlərində yorğunluq sezə bilməzdi. Heydər Əliyev fasilə vermədən görüşlər keçirirdi. Çıxışlarında mövzudan-mövzuya keçid edirdi. Ayrı-ayrı məsələlərə münasibət bildirirdi. Saysız-hesabsız faktlar sadalayırdı, amma heç kim onun bircə dəfə də olsun yanıldığını, hansısa bir məsələdə yanlışlığa yol verdiyini görməmişdi. Bu böyük şəxsiyyət dünyanın hansısa nüfuzlu universitetində siyasət, diplomatiya təhsili almamışdı. Amma onun hər addımının, hər jestinin, dilə gətirdiyi hər kəlmənin, hətta üzündəki xəfif bir təbəssümün də öz mənası vardı. Bütün bunlar böyük bir diplomatiya məktəbinin incəlikləri idi.
Heydər Əliyev Azərbaycan dövlətini qurdu, səsimizi, sözümüzü dünyaya çıxardı. Müstəqil dövlətçiliyimizin dayaqlarını möhkəmləndirdi. Bu gün də həmin dayaqlar üzərində gələcəyə, xoşbəxt Azərbaycana doğru yollar çəkilir, körpülər tikilir. O xoşbəxt günlərə doğru can atan insanların təminatlı gələcəyi üçün möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında ölkənin, millətin tərəqqisinə yönəlmiş saysız-hesabsız tədbirlər həyata keçirilir. Azərbaycanı bürümüş geniş tikinti-quruculuq işləri qəlbimizə mənəvi rahatlıq gətirir və bu möhtəşəm quruculuq işlərini seyr etdikcə sevinirik ki, Heydər Əliyevin şad olmuş ruhu indi bizimlədir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, İmamverdi müəllim. Mübariz Qurbanlı.
M. Qurbanlı. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli deputatlar! Mən bu gün ümummilli liderimizin bir kəlamını bir daha sizin diqqətinizə çatdırmaq istəyirəm. O demişdir: ”Azərbaycanın dövlət müstəqilliyi xalqımızın milli sərvətidir.” Həqiqətən, hər bir xalq, hər bir millət üçün onun dövlət müstəqilliyi heç nə ilə əvəz oluna bilməz. Böyük Atatürk də bir kəlam işlətmişdir. O deyirdi: “Öz milli müstəqilliyinə nail ola bilməyən xalq başqalarının şikarına çevrilir.” Azərbaycan xalqı dövlət quruculuğu tarixində böyük nailiyyətləri olan bir xalqdır. Bu ərazidə biz çox böyük dövlətlərin yaradılmasında iştirak etmişik. Amma zaman elə gətirib ki, sonra dövlət müstəqilliyimizi itirmiş və başqalarının şikarına çevrilmişik. Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunması xalqın daim qəlbində yaşayıb, xalqımızın istəyi olub. Bu istəyin reallaşması üçün XX əsrin əvvəllərində yaxın vaxtlarda 90 illiyini qeyd edəcəyimiz Xalq Cümhuriyyəti dövründə təşəbbüs edilsə də, sonradan, təəssüf ki, biz müstəqilliyimizi yenidən itirmişik.
Azərbaycanın dövlət müstəqilliyinin bərpası yolunda Heydər Əliyevin xidmətləri misilsizdir, əvəzsizdir. Müstəqilliyin əldə edilməsi və sonradan qorunub saxlanılması üçün birincisi, milli lider olmalı, ikincisi, siyasi və iqtisadi əsaslar yaradılmalı, eyni zamanda, bu müstəqilliyi reallaşdırmağa qadir olan kadrlar yetişdirilməli idi. Heydər Əliyev, cənab Sədr, Sizin də məruzənizdə qeyd etdiyiniz kimi, hakimiyyətdə olduğu birinci dövrdə, yəni 1969−1982-ci illərdə və SSRİ-nin rəhbərliyində olduğu 1982−1987-ci illərdə gələcək müstəqil dövlətimizin siyasi-iqtisadi bazasının yaradılmasında çox böyük əmək sərf etmişdi. Məhz bu əməyin nəticəsi idi ki, Azərbaycan milli müstəqilliyinə nail olduqdan sonra böyük təzyiqlərə, erməni təcavüzünə məruz qalmasına baxmayaraq, buna tab gətirə bildi. Heydər Əliyev Azərbaycanda 1993−2003-cü illərdəki dövrdə müstəqilliyin dönməzliyinin təmin edilməsi üçün çox əhəmiyyətli fəaliyyət göstərdi və xalqın ümummilli lideri səviyyəsinə qalxdı.
Xalqın ümummilli lideri olmaq hər siyasi xadimə, hər dövlət rəhbərinə nəsib olmur. Xalqın lideri olmaq üçün xalqın qarşısında duran vəzifəni, tarixi missiyanı yerinə yetirmək lazımdır. Heydər Əliyev Azərbaycan xalqının qarşısında duran tarixi missiyanı və vəzifəni həyata keçirməyə qadir oldu. Heydər Əliyev, eyni zamanda, müstəqil Azərbaycan dövlətinin təməl prinsiplərini müəyyən etdi. Bu təməl prinsiplər dövlətçilik, qanunçuluq, azərbaycançılıq, sosial ədalət, vətəndaş həmrəyliyi, Azərbaycanda respublika idarə sisteminin tətbiq edilməsi və demokratiyadır. Heydər Əliyev, eyni zamanda, bizim xarici siyasətimizin prinsipial məqamlarını müəyyənləşdirdi. Bütün bunlar Azərbaycan xalqının qarşısında duran vəzifələr idi. Bu vəzifələri müəyyənləşdirməklə Heydər Əliyev müstəqil Azərbaycan dövlətini qurdu və bizi başqa millətlərin şikarına çevrilməkdən qorudu.
Heydər Əliyevin müəyyən etdiyi bu siyasət bu gün Prezidentimiz cənab İlham Əliyev tərəfindən çox böyük uğurla davam etdirilməkdədir. Heydər Əliyevin arzuladığı dövlət quruldu. Bu gün Azərbaycan bölgənin zəngin, qüdrətli, lider dövlətinə çevrilib. Bu gün Arazdan şimalda qurduğumuz müstəqil dövlətimiz bütün dünya azərbaycanlılarının qürur yerinə çevrilib. Tarixi ona görə öyrənirlər ki, ondan ibrət götürsünlər. Heydər Əliyevin Azərbaycanda olduğu dövrlər, həqiqətən, ibrətamiz bir dövrdür. Biz Heydər Əliyevdən bir şəxsiyyət olaraq, lider olaraq böyük ibrət götürmüşük. Heydər Əliyev böyük məktəb yaradıb. Bu məktəbin yetirmələri Heydər Əliyev ideyalarını uğurla davam etdirirlər. Azərbaycan durduqca Heydər Əliyev olacaq. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Mübariz müəllim. Siyavuş Novruzov.
S. Novruzov. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Ölkəmizin hər yerində bu yubileylə bağlı tədbirlər keçirilir. Heydər Əliyev haqqında kitablar yazılır, romanlar çap olunur, kinofilmlər çəkilir. Lakin hələ də Heydər Əliyev fəaliyyətinin mahiyyəti tamamilə açılıb ortaya qoyulmur. Çünki buna böyük bir zaman lazımdır. Zaman lazımdır ki, Heydər Əliyevin göstərdiyi xidmətlər, onun fəaliyyəti, Azərbaycan xalqına firavan həyat bəxş eləməsinin mahiyyəti hissə-hissə yazılsın, açılsın, təqdim olunsun.
Heydər Əliyev tək prezident deyildi, prezidentlikdən yüksəkdə duran bir şəxsiyyət idi. Heydər Əliyev adı özündə liderlik, prezidentlik, qanunçuluq, dövlətçilik, azərbaycançılıq, millətçilik, quruculuq kimi çox anlayışları cəmləşdirib. Heydər Əliyev adı bu gün bütün xalqlara bəllidir. Azərbaycanı keçmişdə də, indi də iki şeylə tanıyırdılar – biri neft idisə, biri də Heydər Əliyevin adı idi. Azərbaycan bu adla tanınırdı.
Burada deputat həmkarlarım Heydər Əliyevi digər tarixi şəxsiyyətlərlə müqayisə etdilər. Heydər Əliyev müqayisəolunmaz şəxsiyyət idi. Əgər biz onu Atatürklə müqayisə ediriksə, deməliyik ki, Atatürk 600 illik Osmanlı imperiyasının rəhbərliyinə gəlmişdi. Atatürk rəhbərliyə gələndə 100-dən artıq generalı var idi. Heydər Əliyev isə separatçıların və ayrı-ayrı xəyanətkar insanların özlərini general, polkovnik elan etdiyi dağılmış, parçalanmış Azərbaycana gəlmişdi. Yəni Atatürkün və Heydər Əliyevin fəaliyyəti, onların apardığı siyasət müqayisəolunmaz dərəcədə fərqli mühitə, zamana təsadüf etmişdi. Heydər Əliyevi Şarl de Qoll ilə də müqayisə edirlər. Halbuki Fransa uzun müddət imperiya olmuşdu, Napoleon kimi şəxsiyyətlər yetişdirmişdi, zəngin dövlətçilik tarixi var idi. Heydər Əliyev isə artıq vətəndaş müharibəsinin başlandığı, separatizmin cövlan etdiyi bir ölkənin rəhbərliyinə gəlmişdi və bu vəziyyətdən çıxış yolları da görünmürdü. Heydər Əliyev heç bir münaqişənin həllində silah işlətmədi, bütün münaqişələri yalnız sözün qüdrəti və Azərbaycan xalqının ona olan məhəbbətinin gücü ilə həll elədi, Azərbaycanda stabil bir dövlət qurdu.
Heydər Əliyevin sevmədiyi şeylər çox idi. Bunlardan ən əsası xəyanət idi, mövqesizlik idi. O həmişə hər bir insana deyirdi ki, mövqeyini bildir, bilək ki, hansı mövqedən çıxış edirsən. Heydər Əliyev açıq siyasət aparırdı, həmişə deyirdi ki, siyasətinizi açıq aparın, düzgün aparın, düz həmişə əyrini kəsir. Həyat bu sözlərin doğruluğunu sübut elədi – Heydər Əliyev siyasəti həmişə əyriləri kəsdi. Vaxtilə Heydər Əliyevə xəyanət eləmiş insanlar, Heydər Əliyevin çörəyini yeyib, o, Azərbaycandan gedəndən sonra əleyhinə məqalələr çap etdirmiş insanlar... Elə müasir dövrümüzdə də bunlardan az deyil. Bayram tədbiri olduğuna görə mən insanların əhvali-ruhiyyəsini korlamaq istəmirəm. Bizim zalda da o insanlardan var. Burada ayağını yerə döyənlər də, o tribunadan Heydər Əliyevin əleyhinə çıxış eləyənlər də olub. Lakin Heydər Əliyev onların hamısını bağışladı. Çünki tövbə qapıları həmişə açıqdır və hər bir kəs tövbə eləyə bilər. Çünki Heydər Əliyevə qarşı çıxan insan gec-tez bunun cəzasını Allah tərəfindən də, cəmiyyət tərəfindən də alacaqdır. Ona görə Heydər Əliyevin çörəyinə xəyanət eləmək olmaz.
Azərbaycanda deyirlər ki, Hacı Zeynalabdin Tağıyevin tikdirdikləri ilə Heydər Əliyevin tikdirdikləri çıxılsaydı, Bakı şəhəri və Azərbaycan tamamilə boş qalardı. Bu, doğrudan da, belədir. 1982-ci ildə Heydər Əliyev gedəndə o kranlar dayandı, bir də 11 ildən sonra, 1993-cü ildə işləməyə başladı. Yəni Heydər Əliyevin fəaliyyəti dövründə gördük ki, nələr tikildi, nələr quruldu, nələr yaradıldı. Lakin bunu gözü götürməyənlər, bu prosesdə Heydər Əliyevə mədhiyyə deyib, sonra dalınca danışan həmin adamlar bir daha gördülər ki, Heydər Əliyev haqqında mənfi fikir söyləmək olmaz. Heydər Əliyev bu xalqın lideri, bu xalqın övladıdır. Bütün həyatını da bu xalqın və dövlətin çiçəklənməsinə sərf edibdir. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Ziyafət Əsgərov.
Z. Əsgərov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli deputatlar! Xalqımızın ümummilli lideri ulu öndər Heydər Əliyevin çoxşaxəli siyasi fəaliyyətində dövlətimizin milli maraqlarına cavab verən milli təhlükəsizlik siyasətinin və strategiyasının müəyyən olunması və həyata keçirilməsi xüsusi yer tutur. Xalqımızın istək və arzusu ilə 1992-ci ildə yenidən siyasi hakimiyyətə gələn Heydər Əliyevin qarşısında dayanan ən çətin və mürəkkəb məsələlərdən biri də ölkəmizin milli maraqlarına cavab verə biləcək düzgün siyasi, strateji kursun müəyyən olunması əsasında müstəqil Azərbaycan dövlətinin etibarlı milli təhlükəsizlik siyasətinin işlənib hazırlanması idi. Bütün bu işləri isə son dərəcə mürəkkəb daxili siyasi vəziyyət, ölkə daxilində sabitliyin olmaması, Ermənistanın Azərbaycana olan hərbi təcavüzü və ölkəmizə olan bir çox təzyiqlər şəraitində həyata keçirmək lazım idi.
Keçən əsrin 90-cı illərində artıq beynəlxalq münasibətlər sistemində də bir sıra əsaslı dəyişikliklər müşahidə olunmağa başladı. Soyuq müharibənin başa çatması nəticəsində beynəlxalq münasibətlərin əsas güc mərkəzləri öz siyasətlərini yeni siyasi reallıqlara uyğunlaşdırmağa başladılar. Beynəlxalq münasibətlər sistemində beynəlxalq və regional təşkilatların – BMT, ATƏT, NATO, Avropa İttifaqı kimi təhlükəsizlik və əməkdaşlıq institutlarının və strukturlarının rolu əhəmiyyətli dərəcədə artmağa başladı. Ölkə daxilində, regionda və beynəlxalq münasibətlər sistemində baş verən bu mühüm dəyişikliklər ulu öndər Heydər Əliyevin daim diqqət mərkəzində idi. Zəngin siyasi təcrübəsinə əsaslanan, bütün dünyada və regionda baş verən prosesləri nəzərə alan Heydər Əliyev Avroatlantik təhlükəsizlik institutları və strukturlarına inteqrasiya olunma xəttinə xüsusi önəm verirdi. Eyni zamanda, Azərbaycan diplomatiyası özünün xarici siyasətində region dövlətləri ilə münasibətləri yaxşılaşdırmaq üçün balanslaşdırılmış xarici siyasət kursuna da üstünlük verməyə başladı.
Ulu öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi altında gənc müstəqil dövlətimiz qarşısına çıxan problemləri, ilk növbədə özünün təhlükəsizlik məsələlərini, xüsusilə də Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını və təcavüzü məsələsini beynəlxalq təşkilatlar vasitəsi ilə ümumavropa təhlükəsizlik səviyyəsinə çıxarmaqla beynəlxalq hüquq normaları əsasında regionda sülhün təmin edilməsi üçün həmin təşkilatların təsir imkanlarından istifadə etməyə çalışırdı. Eyni zamanda, ölkəmizdə islahatlar həyata keçirmək və Avroatlantik məkana daha sürətlə inteqrasiya olunmaq üçün bir sıra beynəlxalq və regional təşkilatlarla çoxtərəfli əlaqələrin yaranması istiqamətində praktiki addımlar atılırdı. Avropa məkanına və Avroatlantik təhlükəsizlik institutlarına və strukturlarına inteqrasiya dövlət quruculuğu proseslərində qarşıya çıxan problemlərin həll edilməsi və həmin təşkilatların iqtisadi və siyasi potensiallarından istifadə edilməsi baxımından da əhəmiyyətli idi.
Həmin dövrdə beynəlxalq birliyi Azərbaycan ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulması zəruriliyinə inandırmaq, milli maraqları dünya dövlətlərinin kəsişən və toqquşan mənafeləri ilə uzlaşdırmaq, Azərbaycanın müstəqilliyinə və təhlükəsizliyinə beynəlxalq təminat almaq üçün çox ciddi səylər tələb olunurdu. Avropa ilə Asiyanın kəsişmə nöqtəsində yerləşən və əlverişli geosiyasi mövqeyə, eyni zamanda, zəngin karbohidrogen ehtiyatlarına malik olan Azərbaycan Respublikasının Avropa İttifaqına üzv dövlətlərin maraq dairəsinə daxil olması ölkəmizin siyasi və iqtisadi inkişafı baxımından da son dərəcə əhəmiyyətli idi. Bu baxımdan Şərq-Qərb nəqliyyat-kommunikasiya TRASEKA dəhlizinin yaradılması və onun infrastrukturunun inkişaf etdirilməsi xüsusi önəm daşıyırdı. Sonradan həmin layihənin reallaşması və 1994-cü ildə “Əsrin müqaviləsi” adlandırılan neft müqaviləsinin imzalanması ölkəmizin neft strategiyasının yaradılmasında xüsusi rol oynadı. Məhz həmin siyasət nəticəsində Azərbaycan Respublikası bu gün Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında çox mühüm rol oynayır. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş uğurlu neft strategiyası nəticəsində Azərbaycana milyardlarla dollar investisiya qoyulmuşdur ki, bu da ölkəmizin sürətli inkişafına, hərbi və təhlükəsizlik potensialının artmasına və regionda lider dövlətə çevrilməsinə səbəb olmuşdur.
Yeni yaranmış müstəqil dövlət kimi Azərbaycan Respublikası öz suverenliyini möhkəmləndirmək, ərazi bütövlüyünü bərpa etmək, ölkəmizə qarşı yönəlmiş təhlükələrin qarşısını almaq və daha etibarlı təhlükəsizlik təminatları əldə etmək məqsədi ilə Avroatlantik təhlükəsizlik sistemi və onun əsas təminatçısı olan Şimalı Atlantika Alyansı ilə əməkdaşlığa qərar verdi. Alyansın beynəlxalq münasibətlər sistemindəki yeri və rolunu nəzərə alan ulu öndər Heydər Əliyev 1994-cü il mayın 4-də Brüsseldə NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramının çərçivə sənədini imzaladı. Həmin sənədin imzalanması ilə Azərbaycan və NATO əlaqələrinin hərtərəfli inkişafının əsası qoyulmuş oldu. Sənədin imzalanması zamanı NATO Şurasının iclasında çıxış edən Azərbaycan Prezidenti Heydər Əliyev Azərbaycan dövlətinin siyasi strategiyasından bəhs edərək demişdir: ”Azərbaycan Respublikası daxili siyasətdə demokratiya, hüquqi dövlət quruculuğu yolunu tutur, bəşəriyyətin nail olduğu demokratik dəyərlərdən istifadə etməklə şəxsiyyət azadlığı və insan hüquqlarının müdafiəsi, çoxpartiyalı sistem, siyasi plüralizim üçün şərait yaradır”.
Həmin dövrdə Cənubi Qafqazda hökm sürən ağır şəraitdə Qərb ölkələrinin, o cümlədən ABŞ-ın regiona strateji marağı artır. NATO rəhbərliyi Azərbaycanla əməkdaşlığa çox ciddi əhəmiyyət verir. Rəsmi Bakı Şimali Atlantika Alyansı ilə münasibətlərini regionun geosiyasi özəlliklərini nəzərə almaqla inkişaf etdirmək, sülh və təhlükəsizliyin qorunması üçün hərbi, siyasi sahədə birgə proqramlar həyata keçirmək niyyətini açıq şəkildə ifadə edir. SNT proqramı çərçivəsində əməkdaşlıq ölkəmizə NATO hərbi strukturları ilə əməkdaşlıq etmək, birgə hərbi təlimlər keçirmək, hərbi kadrların hazırlanmasında blokun təcrübəsindən bəhrələnmək və başqa imkanlar yaratmışdır. 1995-ci ilin oktyabr ayında SNT proqramı çərçivəsində “Təhlükəsizlik məsələləri və informasiyanın mühafizəsi haqqında” Sazişi imzalamaqla ulu öndər Heydər Əliyev ölkəmizin informasiya təhlükəsizliyinin təmin olunması sahəsində son dərəcə əhəmiyyətli bir addım atmış oldu.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin milli təhlükəsizlik siyasəti və strategiyası onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2004-cü il martın 17-də Bratislavada “Daha geniş Avropaya doğru yeni gündəlik” mövzusunda keçirilən beynəlxalq konfransda Ermənistanın işğalçılıq siyasətinin Avropa və Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin olunmasında ciddi maneə olduğunu və ərazilərimizin işğal olunmasını konfrans iştirakçılarının diqqətinə çatdırmışdır.
Ölkəmizin təhlükəsizliyinin təmin olunması baxımından bir sıra normativ hüquqi sənədlər qəbul olunmuşdur. Belə ki, “Kəşfiyyat və əks-kəşfiyyat haqqında” Qanunda kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin həyata keçirilməsi ilə bağlı hüquqi münasibətlər tənzimlənir. Digər mühüm qanunu – “Milli təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununu da qeyd etmək lazımdır. Həmin qanunun giriş hissəsində göstərilir ki, bu qanun Azərbaycan Respublikasının müstəqil, suveren, demokratik dövlət kimi inkişafı naminə milli təhlükəsizlik siyasətinin hüquqi əsaslarının yaradılmasına yönəldilmişdir. Qanunda ümumi müddəalarla yanaşı, Azərbaycan Respublikasının milli maraqlarına və təhlükəsizliyinə olan təhdidlər, milli təhlükəsizliyin təmin olunmasının tərkib hissələri və sair müddəalar öz əksini tapmışdır.
Ölkəmizdə milli təhlükəsizliyin etibarlı surətdə təmin olunması baxımından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2007-ci il may ayının 23-də imzaladığı “Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyasının təsdiq edilməsi haqqında” Sərəncam çox böyük əhəmiyyət daşıyır. Sərəncamda deyilir: “Dünyada baş verən sürətli dəyişikliklər şəraitində ayrı-ayrı dövlətlər və bütövlükdə bəşəriyyət terrorçuluq, etnik ekstremizm, münaqişələr, transmilli mütəşəkkil cinayətkarlığın artması, kütləvi qırğın silahlarının yayılması, təbii ehtiyatların tükənməsi, əhalinin sayının durmadan çoxalması və kütləvi miqrasiya, ətraf mühitin çirklənməsi və sair təhlükələrlə üzləşir. Bu amillər hər bir dövlətin prioritetlərinin, təhlükəsizliyə qarşı risklərin müəyyənləşdirilməsini, həmin risklərin qabaqlanması üzrə adekvat tədbirlərin həyata keçirilməsini zəruri edir”. Sərəncamda, eyni zamanda, xarici siyasət strategiyası, müdafiə icmalı, iqtisadi konsepsiya, mədəniyyət, elm, təhsil, səhiyyə və nəqliyyat konsepsiyaları layihələrinin hazırlanması və ölkə Prezidentinə təqdim olunması tapşırılmışdır.
Milli təhlükəsizlik konsepsiyası ilk növbədə milli təhlükəsizlik məsələlərinin nəzəri-konseptual problemlərinin geniş və hərtərəfli həll olunması baxımından mükəmməl bir sənəddir. Həmin konsepsiyanın giriş hissəsində deyilir: “Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyası dövlətin müstəqilliyini, ərazi bütövlüyünü və demokratik inkişaf yolunu, strateji seçim kimi Avroatlantik məkana inteqrasiyasını, bununla yanaşı, tarazlaşmış xarici siyasətin çoxşaxəliliyini vurğulayır. O, Azərbaycan Respublikasında şəxsiyyət, cəmiyyət və dövləti xarici və daxili təhdidlərdən qorumağa yönəlmiş siyasət və tədbirlərin, məqsəd, prinsip və yanaşmaların məcmusudur”.
2007-ci ildə NATO çərçivəsində ABŞ-ın Müdafiə Nazirliyi ilə bilavasitə sıx əlaqələr yaradan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bu sahədə əməkdaşlığa dair bir sıra sazişlər imzalamışdır. Eyni zamanda, hazırda ölkəmizin milli təhlükəsizliyinin təmin olunmasına bilavasitə cavabdeh olan orqanların, idarə və təşkilatların, nazirliklərin fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində çox ciddi və məqsədyönlü iş aparılır. Həmin orqanların – Müdafiə Nazirliyinin, Xarici İşlər Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Fövqəladə Hallar Nazirliyinin, Daxili İşlər Nazirliyinin fəaliyyətini xüsusi olaraq qeyd etmək yerinə düşərdi.
Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş daxili və xarici siyasət kursu, ölkəmizin təhlükəsizlik siyasəti hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Çox əlverişli və eyni zamanda, mürəkkəb və həssas geosiyasi məkanda yerləşən Azərbaycan Respublikasının Şərq-Qərb, eləcə də Şimal-Cənub istiqamətində nəqliyyat-kommunikasiya xətləri üzərində yerləşməsi, ölkəmiz üçün son dərəcə əhəmiyyətli olan iri enerji layihələrinin reallaşdırılması ölkəmizi Cənubi Qafqazda nəinki tranzit ölkəyə, həm də ən qüdrətli və aparıcı dövlətə çevirmişdir. Hazırda ölkəmizin zəngin karbohidrogen ehtiyatlarının Avropa ölkələrinə və dünya bazarlarına çıxarılması nəticəsində Azərbaycan Respublikası artıq Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynamağa başlamışdır.
Ölkə Prezidenti cənab İlham Əliyev respublikamızın artan iqtisadi və hərbi potensialına uyğun olaraq özünün balanslaşdırılmış xarici siyasəti nəticəsində ölkəmizin milli təhlükəsizlik siyasətini Avroatlantik təhlükəsizlik sistemi ilə üzvi şəkildə əlaqələndirməyə nail olmuşdur. Bu yolda möhtərəm Prezidentimizə daha böyük uğurlar və müvəffəqiyyətlər arzulayırıq. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Ziyafət müəllim. Elmira Axundova.
E. Axundova. Təşəkkür edirəm, cənab Sədr. “Böyüklük uzaqdan-uzağa görünür” kəlamı ilə heç vaxt razılaşmamışam. 1990-cı ilin noyabr ayında Heydər Əliyevlə şəxsi tanışlığımızın ilk anlarından tutmuş 2002-ci ilin aprelindəki sonuncu söhbətimizədək taleyin mənə böyük bir şəxsiyyətlə ünsiyyətdə olmaq kimi nadir bir imkan bəxş etdiyini hər dəfə duymuşam. Qeyri-adi təbiətin yalnız gözə görünən qatları, bizə bəlli olan aysberq simalı bir ünsiyyət. Lakin bu kiçik gözə görünən hissə də elə maraqlı, çoxcəhətli idi ki, onunla hətta qısa qeyri-rəsmi ünsiyyət dəqiqələri yaddaşda həmişəlik həkk olunurdu.
Deyirlər və həqiqətən, böyük şəxsiyyətlər ünsiyyətdə çox sadə və ürəyiaçıq olurlar. Bu fikir Heydər Əliyevə tam şamil edilə bilər. Məncə, bu ondan irəli gəlirdi ki, onun üçün bir kabinetin, bir binanın, bir şəhərin çərçivəsi həmişə darlıq edirdi. O heç vaxt kabinet siyasətçisi olmamışdır. Daim insanlarla, xalqı ilə, onun ən müxtəlif nümayəndələri ilə canlı ünsiyyətdə olmağı sevirdi. Onun üçün ucqar dağ kəndindən olan savadsız bir çobanla da, bişmiş xarici siyasətçi ilə də söhbətləşmək maraqlı idi. Zənnimcə, bu cəhət tükənməz biliklənmək həvəsindən, yenilik istəyindən, bir də ki, insan şəxsiyyətinə bəslədiyi dərin hörmətdən irəli gəlirdi.
Səfər etdiyimiz bu və ya digər ölkə haqqında bizim jurnalist təəssüratlarımızı necə diqqətlə dinlədiyini xatırlayıram. Bir dəfə bunun səbəbini soruşanda Heydər Əliyev dedi: “Mən bu və ya digər ölkəni maşınımın şüşəsi arxasında görürəm, siz isə daha sərbəstsiniz və hər şeyi olduğu kimi görə bilirsiniz”. Bu onun üçün çox maraqlı idi.
Biz hamımız, ölkəmizin hər bir sakini onun heyrətamiz, əfsanəvi iş qabiliyyətinin şahidi olmuşuq. Bununla belə, o heç vaxt yalnız işə qapılan, daha heç nə ilə maraqlanmayan, qaraqabaq külüng çalan olmamışdır. Heydər Əliyev komandasının yaxın adamları onun məzəli söhbətlərini, zarafatyana atmacalarını həmişə söyləyirlər. Məsələn, Norveçdə “Stat-oyl” Şirkəti tərəfindən onun şərəfinə verilən ziyafətdə söylədiyi incə yumorlu, naxışlanmış nitqini mən heç vaxt unutmaram. Həmin qəbul Prezidentin səyyar qazma qurğusuna baş çəkmək üçün vertolyotla Şimal dənizi üzərində uzun sürən yorucu uçuşundan dərhal sonra keçirildi. Təhlükəsizlik məqsədi ilə Prezidentə və onu müşayiət edənlərə kosmonavt libasına oxşar qırmızı rəngli xilasedici kostyumlar geyindirdilər. Bu kostyumları geyinmək təklifindən çəkinən, hətta qorxuya düşən komanda üzvlərindən bəzilərinin nə hala düşdüyünü, sonra isə Prezidenti bu xatalı səyahətdən daşındırmaq üçün dilə tutduqlarını Heydər Əliyev böyük yumorla danışdı. Norveçin həmişə təmkinli, ağır təbiətli siyasət və neft maqnatları gülməkdən uğunub getdilər. Yadımdadır, o, xarici işlər naziri Həsən Həsənova dedi: “Yaxşı, sən getməyə bilərsən, sənə icazə verirəm, amma o şərtlə ki, mən bu səyahətdən qayıtsam, səndən istefa ərizəsini alım”. Əlbəttə ki, bu sözlərdən sonra Həsən müəllim də qırmızı skafandr kostyumunu geyməli oldu.
Ya da ki, Heydər Əliyevin keçirdiyi ikitərəfli görüşləri xatırlayaq. Bu görüşlər həmişə gülüş sədaları ilə nəticələnərdi. Şahidi olduğum bir əhvalatı sizə danışmaq istəyirəm. Londonda Böyük Britaniya firmalarından birinin prezidenti Heydər Əliyevə deyir ki, Sumqayıt alüminium zavodunun yenidən qurulmasını öz üzərinə götürmək istəyir və öz layihəsini tərifləməyə başlayır. Bu zaman Heydər Əliyev ondan soruşdu ki, bu işlərə görə sizə neçə il lazımdır? O da dedi ki, dörd il. Heydər Əliyev deyir ki, nəyə görə belə çox? Bu mənə sovet tikintilərini yada salır. Biz Azərbaycanda bir obyekti hərdən 10 ilə tikirdik, amma ingilislərə belə ləngilik heç yaraşmır. Gülüş səslənir. Britaniya şirkətinin başçısı başlayır nə isə izah etməyə və aydın olur ki, layihəni mənşəcə türk olan bir amerikalı biznesmen təqdim edib. Heydər Əliyev gülümsəyərək deyir ki, hə, deyirəm axı, burada müsəlman qardaşlarımızın əli olmamış olmaz.
Maraqlı bir epizod Səudiyyə Ərəbistanında çox varlı, adlı-sanlı şeyxlərlə görüş zamanı oldu. Heydər Əliyev bu görüşlərə zarafatla başladı və bu zarafat ümumi ab-havanı dərhal yumşaltdı. O dedi ki, bilirsiniz, siz VII əsrdə bizim ölkəyə gələndə biz heç müsəlman deyildik. Sizin ulu babalarınız Azərbaycanı zəbt etdilər, bizə də müsəlmanlığı qəbul etdirdilər. İndi isə haqqımızı qaytarmağın, dini bir qardaş-bacılarınıza kömək etməyin vaxtı çatıb. Əvvəla, zala sükut çökdü, sonra isə bu təkəbbürlü şeyxlər uğunub qəhqəhə çəkdilər və gərginlik aradan qalxdı. Axırda Heydər Əliyev istəyinə nail oldu, ölkəmiz üçün güzəştli kredit ala bildi. Mən yüzlərlə belə epizodlar danışa bilərəm, amma buna vaxtımız çatmır. Qoy onun məzarı nurla dolsun!
Sədrlik edən. Sağ olun, Elmira xanım. Əli Əhmədov.
Ə. Əhmədov. Təşəkkür edirəm, cənab Sədr. 1969-cu ildən bu yana Azərbaycanda və Azərbaycanın hüdudlarından kənarda Heydər Əliyev haqqında söhbətlər aparılır, diskussiyalar keçirilir. Mən əminliklə söyləmək istəyirəm ki, hələ uzun illər Heydər Əliyev haqqında söhbətlər aparılacaq, kitablar yazılacaq, diskussiyalar keçiriləcəkdir. Bütün bunlar ondan xəbər verir ki, Heydər Əliyevin dərin, zəngin irsini öyrənməyə, onun şəxsiyyətinin əzəmətini dərk etməyə Azərbaycanda da, Azərbaycandan kənarda da böyük ehtiyac var. Bu ehtiyac Heydər Əliyev haqqında bu qədər kitabların yazılmasını, Heydər Əliyev haqqında bu qədər söhbətlərin və diskussiyaların aparılmasını şərtləndirir. Hər dəfə Heydər Əliyev haqqında danışarkən bir daha əmin olursan ki, Heydər Əliyev haqqında deyilənlər hələ deyilməli olanların, Heydər Əliyev haqqında yazılanlar hələ yazılmalı olanların çox kiçik bir hissəsidir.
Tarixdə xalqın yaddaşında yaşamaq haqqı o insanlara mənsub ola bilər ki, onlar nəinki xalqın tarixində və taleyində dərin iz buraxmış olsunlar, həm də xalqın tarixini yeniləşdirmiş olsunlar, xalqın yeni tarixini yazmış olsunlar. Heydər Əliyev 1969-cu ildə Azərbaycanda hakimiyyətə gəldikdən sonra Azərbaycan tarixinin tamamilə yeni bir mərhələsi başlayıbdır. Azərbaycanın sürətli inkişaf, intibah tarixi başlayıbdır. Azərbaycanın sovetlər dönəmində Sovet İttifaqında, müstəqillik dövründə isə bütün dünyada tanınması tarixi başlayıbdır. Etiraf etmək lazımdır ki, müstəqil Azərbaycan dövlətinin özünün sağlam ideyalarını ortaya qoyması tarixi başlayıbdır. Bu mənada Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında və qəlbində əbədi yaşamaq haqqı var və Azərbaycan xalqı bunu birmənalı şəkildə etiraf edir.
Tarix şəxsiyyətlərin üzərinə vəzifələr qoyur, onların missiyasını müəyyənləşdirir. Azərbaycanın XX əsrin ikinci yarısında yaşadığı böhranlı dövrlərdə həmişə Heydər Əliyevin üzərinə ən məsuliyyətli vəzifələr qoyulub. Hər dəfə tarixin Heydər Əliyevin əzəmətli çiyinləri üzərində qoyduğu vəzifələr onun şəxsiyyətinin miqyası ilə mütənasib olubdur. Hər dəfə də tarixin Heydər Əliyevin əzəmətli, möhtəşəm çiyinlərinin üzərinə qoyduğu vəzifənin öhdəsindən Heydər Əliyev layiqincə gəlib, Azərbaycan xalqının ona bəslədiyi ümidləri layiqincə doğruldubdur.
Heydər Əliyev çox az sayda olan tarixi şəxsiyyətlərdəndir ki, onun həyatı və fəaliyyəti ona üç prizmadan liderlik önəmini verməyə əsas yaradır. Heydər Əliyev tarixdə çox az olan şəxsiyyətlərdəndir ki, o həm qurucu lider adını daşıyıb, həm xilaskar lider missiyasını yerinə yetirib, həm də xalqın ümummilli lideri statusunu alıbdır. Bu onun sayəsində mümkün olubdur ki, Azərbaycan xalqının inkişafa, təkamülə ehtiyacı olanda Heydər Əliyev quruculuq missiyasını yerinə yetiribdir. Azərbaycanın başının üzərini almış təhlükələrdən xilas olması zərurəti meydana gələndə Heydər Əliyev xilaskarlıq missiyasını uğurla həyata keçirib və xalq ona xilaskar lider adını veribdir. Təbiidir ki, Azərbaycan xalqının tarixindəki müstəsna xidmətlərinə görə Azərbaycan xalqı ona özünün ümummilli lideri adını veribdir. Azərbaycan xalqının tarixində çox dahi insanlar olubdur. Yalnız Heydər Əliyev yeganə insandır ki, onu Azərbaycan xalqı özünün ümummilli lideri adlandırıbdır.
Böyük tarixi şəxsiyyətlərin ömrü onların yaşadığı illərlə ölçülmür. Heydər Əliyevin yaşadığı illər onun ömrünü, siyasi ömrünü məhdudlaşdırmır. Heydər Əliyev bu gün də bizimlədir. Heydər Əliyev bu gün də özünün ideyaları ilə, özünün müəyyənləşdirdiyi siyasətlə Azərbaycanın həyatında iştirak edir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin sürətli inkişafı, həyatımızın bütün sahələrində əldə edilən nailiyyətlər həm də ona görə mümkündür ki, bütün bunların ideya əsasını Heydər Əliyevin zəngin irsi təşkil edir. Bu mənada Heydər Əliyev həmişə Azərbaycanda olacaq və həmişə Azərbaycanın inkişafı Heydər Əliyevin adı ilə bağlı olacaqdır. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Əli müəllim. Gültəkin Hacıyeva.
G. Hacıyeva. Hörmətli cənab Sədr, hörmətli həmkarlarım! 5 dəqiqə ərzində Heydər Əliyev haqqında nə danışmaq olar? Heydər Əliyev bir müdriklik xəzinəsi, hikmət dəryasıdır. Amma bu 5 dəqiqə vaxtdan istifadə edib “Heydər Əliyev mənim üçün kimdir?” barədə danışmaq istəyirəm.
Heydər Əliyev mənim üçün ilk növbədə Azərbaycan dövlətçilik şüurunun zirvəsidir. Azərbaycanın dövlətçilik tarixində bir çox önəmli şəxsiyyətlər olub, lakin zirvə şəxsiyyətlər çox az olub. Heydər Əliyev Azərbaycan milli dövlətçilik təfəkkürünün layiqli varisidir, Şah İsmayıl Xətai, Cavad xan, Fətəli xan kimi bir silsilənin davamçısıdır. Bu silsilənin daha kamil, daha mükəmməl formada davamıdır. Heydər Əliyev mənim üçün Azərbaycan milli şüurunun zirvəsidir. Üzeyir Hacıbəyov, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid kimi bir silsilənin davamıdır və daha mükəmməl, daha kamil bir zirvəsidir.
Heydər Əliyev sovetlər dönəmində Kremldə siyasət olimpinə yüksələn yeganə azərbaycanlı, yeganə türk və yeganə müsəlman oldu. Bununla da o, Azərbaycanın qürurunun istinad nöqtəsinə çevrildi. Hər bir azərbaycanlı Heydər Əliyevin varlığı ilə, onun mövcudluğu ilə fəxr edirdi. Sovetlər birliyində yaşayan hər bir türk Heydər Əliyevin varlığı ilə, Heydər Əliyevlə fəxr edirdi, qürur duyurdu. Bununla da o, türk qürurunun istinad nöqtəsinə çevrildi. Sovetlər birliyində yaşayan milyonlarla müsəlman Heydər Əliyevlə fəxr edirdi, onunla qürur duyurdu. Bununla Heydər Əliyev bütövlükdə müsəlman qürurunun istinad nöqtəsinə çevrildi.
1937-ci ilin təqvimləri zamanı təkcə Azərbaycanda birlikdə Ermənistanda və Gürcüstanda olduğundan qat-qat çox ziyalı məhv edilmişdi. Azərbaycanın ziyalı elitası, demək olar ki, sıradan çıxarılmışdı, silinmişdi. Lakin 1960–1970-ci illərdə bəlkə də bu iki respublika ilə müqayisədə Azərbaycandan daha çox alim, yazıçı, şair, rəssam, bəstəkar SSRİ-nin ali mükafatlarına təqdim olunmuşdu. Bu, sözsüz ki, Heydər Əliyevin xidməti idi. Heydər Əliyevdən hər dəfə “nə üçün sənin ölkəndən bu qədər alim mükafatlara təqdim olunur” soruşanda, o, “mənim xalqım istedadlı xalqdır” − deyə cavab verirdi. Əslində, 1937-ci ildə məhv edilmiş ziyalı təbəqəsini Heydər Əliyev özü bərpa etdi, Heydər Əliyev özü formalaşdırdı, Heydər Əliyev özü yaratdı.
Heydər Əliyev Azərbaycan milli mənəviyyatının qorunmasındakı xidmətlərinə görə Azərbaycan tarixində əbədi yaşayacaq bir şəxsiyyətə çevrildi. Heydər Əliyev Azərbaycan ziyalılarının, Azərbaycan milli mədəniyyətinin hamisi idi. Bəxtiyar Vahabzadə “Gülüstan” kimi bir poemanı yazanda və bu poemada ikiyə bölünmüş Azərbaycanın dərdini işıqlandıranda, onu müdafiə və himayə edən Heydər Əliyev oldu. Bu zalda əyləşən və hamımızın çox sevdiyimiz hörmətli həmkarım Vaqif Səmədoğlundan dəfələrlə eşitmişəm ki, Heydər Əliyev olmasaydı, çoxdan sovet rejimi bizi həbslərdə çürüdərdi. Azərbaycanda dissidentlərin sayının digər respublikalardan az olmasının səbəbi məhz Heydər Əliyevin xidmətidir.
Azərbaycan dövlət dilinin 1978-ci il aprel ayının 21-də Azərbaycan SSR Konstitusiyasında təsbit olunması, şəksiz ki, Heydər Əliyevin xidmətidir. Çünki Tbilisidən və Yerevandan fərqli olaraq, Azərbaycanda elə də kütləvi etirazlar qeydə alınmamışdı. Ancaq Heydər Əliyev bunu SSRİ rəhbərliyinə təqdim etməyi bacardı və Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyada təsbit olunmasına nail oldu.
Dünya azərbaycanlılarının həmrəylik gününü təsis etməklə Heydər Əliyev Azərbaycan xalqı qarşısında, ümumiyyətlə, türk milləti qarşısında ən böyük xidmətlərindən birini göstərdi və bildirdi ki, Azərbaycan təkcə Şimali Azərbaycanda yaşayan 8 milyon azərbaycanlıdan ibarət deyil, biz 50 milyonluq xalqıq, 50 milyonluq bir millətik. Bununla da Heydər Əliyev 50 milyonluq bir xalqın öndərinə, atasına çevrilməyi bacardı.
Heydər Əliyev haqqında çox danışmaq olar. Mən, sadəcə, sonda bir məqamı qeyd etmək istəyirəm. Azərbaycanın dövlət müstəqilliyi bərpa olunduqdan sonra üçrəngli bayrağımızı ilk dəfə Naxçıvanda Heydər Əliyev qaldırdı, Heydər Əliyev dalğalandırdı. Təkcə bu fakta görə Heydər Əliyev Azərbaycan tarixində həmişə yaşayacaq. Ruhu şad olsun!
Sədrlik edən. Çox sağ olun, Gültəkin xanım. Bahar Muradova.
B. Muradova. Təşəkkür edirəm, cənab Sədr. Heydər Əliyev haqqında ən gözəl sözlər, fikrimcə, bu günə qədər deyilməmiş sözlərdir və ən təkmil əsərlər bu günə qədər yazılmamış əsərlərdir. Biz təsəvvür edə bilərik ki, bu sözlər hansı sözlər, bu əsərlər necə əsərlər ola bilər. Məsələn, mən düşünürəm ki, Heydər Əliyev bütün mənalarda həyatı və ömrü boyu ideal obraz yaradan bir şəxsiyyətdir.
Mən ilkindən başlayacağam. O, hər şeydən əvvəl arzu olunan, gözəl bir övlad idi. Oğul övladı Azərbaycanda hər zaman arzu olunandır. Amma bu oğullar dünyaya gəlib ailənin inamlarını, ümidlərini doğruldanda daha sevimli olurlar. Amma Heydər Əliyev təkcə bir ailənin, bütöv bir nəslin yox, bütöv bir millətin, bir xalqın sevilən övladı idi. Öz müəllimlərini sevən, onlara çox böyük ehtiram göstərən, öz savadı, biliyi, qabiliyyəti və intellekti ilə onları sevindirən bir şagird idi, bir tələbə idi, bir öyrənci idi.
Heydər Əliyev hansı işlə məşğul olurdusa, onu sonadək mənimsəyən, öyrənən gözəl bir peşəkar idi. Öz xalqına bağlı, onun əsrlərlə, minilliklərlə mövcud olan bütün milli-mənəvi dəyərlərini özündə daşıyan əsl azərbaycanlı idi. Vətənini və onun maraqlarını hər şeydən üstün tutan gözəl vətənpərvər idi. Tarixi gözəl bilən, onun ayrı-ayrı məqamlarından özü dərs alan və mənsub olduğu xalqa, millətə, təmsil etdiyi dövlətə də dərs almağı, ibrət götürməyi tövsiyə və təlqin edən bir tarixçi idi. Özü tarix yaradan bir şəxsiyyət idi.
Heydər Əliyev, düşüncəmə görə, məqamında, zamanında təhlükələrə qarşı xalqının daxili müqavimət hissi kimi meydana çıxan siyasi lider idi. Hər bir kəsin və hamının, bütövlükdə xalqının və dövlətinin maraqlarını ən yüksək səviyyədə ifadə etməyi bacaran bir dövlət rəhbəri, bir Prezident idi. Silahdaşlarına, tərəfdaşlarına qayğı ilə yanaşan, rəhbəri olduğu partiyanın sıralarında olan insanlara çox diqqət və qayğıkeşlik, əleyhdarlarına isə yenə də diqqət və dözümlülük göstərən əsl dövlət rəhbəri idi. Mənim düşüncəmə görə, Heydər Əliyev siyasətdə həm ənənəvi, həm də müasir lider obrazında təzahür edən, təmsil etdiyi dövlətin və xalqın ümummilli liderinə çevrilməyi bacaran və onun çərçivəsini göstərən, onun idealını, obrazını yaradan dahi və müdrik bir şəxsiyyətdir.
Bütün bunlarla yanaşı, mən bir insan kimi Heydər Əliyev haqqında fikirlərimi söyləmək istəyirəm. O hər şeydən əvvəl insanları, təbiəti, təbiət gözəlliklərini, bütövlükdə həyatı sevən, qəlbi sevgi və məhəbbətlə, yeri gələndə nifrətlə dolu olan əsl bir insan idi. Böyük günahları bağışlamağı bacaran böyük ürək sahibi idi. Heydər Əliyev haqqında bütün düşüncələri söyləmək qeyri-mümkündür. Biz onun haqqında fikirlərimizi söyləyərkən yalnız bu mövzuya toxuna bilirik, bu mövzunun ətrafında fikirlərimizi irəli sürə bilirik: Heydər Əliyev bütün istiqamətlərdə, bütün mənalarda ideal idi. Şəxsən mən özüm üçün bu fikri söyləyirəm: mənim üçün bu günə qədər bütün dünyada mövcud olan şəxsiyyətlər, siyasi liderlər, ölkə rəhbərləri, mədəniyyət xadimləri, elm adamları, fikir və qələm sahiblərinin içərisində Heydər Əliyev ən yüksəkdə dayanan bir şəxsiyyətdir.
Mən Heydər Əliyevin mövcudluğu ilə, Heydər Əliyevin bu xalqa, bu millətə mənsubluğu ilə fəxr edirəm. Mən fəxr edirəm ki, Heydər Əliyevlə bir zamanda yaşamışam. Əlbəttə, mənim bu dünyada olmağım mənim xidmətim deyil. Amma Heydər Əliyevin böyüklüyünü və bu xalqın xilaskarı olduğunu dərk edərək, onun yanında yer almaq kimi xırda bir missiyanı həyata keçirmişəm və keçirməkdəyəm.
Hamımız, burada əyləşənlər, hər kəs müəyyən mənada Heydər Əliyevin qayğısının və diqqətinin şahidiyik və bu qayğının, bu diqqətin nəticəsində bu gün cəmiyyətdə müəyyən mövqe, müəyyən yer tutmuşuq. Heydər Əliyevin bizə göstərdiyi diqqətin və bütövlükdə xalqımız və dövlətimiz üçün etdiklərinin müqabilində bizim vəzifəmiz öz işimizdə, öz yerimizdə, öz peşəmizdə sona qədər prinsipial, ardıcıl və onun kimi peşəkar olmağa çalışmaqdır. Biz buna çalışmalıyıq və Heydər Əliyevin qarşısında öz borcumuzu yerinə yetirməliyik. Bu gün Heydər Əliyev haqqında ən gözəl, ən həzin, ən ürəyə yaxın fikirləri səsləndirmək olar. Əlbəttə ki, ən gözəl fikirlər mənim səsləndirə bilmədiyim fikirlərimdir. Onlar mənimlədir, çünki hər kəsin qəlbində Heydər Əliyevə məxsus bir yer var. O yer mənim qəlbimdə ən uca yerdir. Heydər Əliyevə ucalıq nəsib olub, gəlin, onu ucalıqda saxlayaq. Ruhu şad olsun!
Sədrlik edən. Çox sağ olun, Bahar xanım. Fəzail Ağamalı.
F. Ağamalı. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Heydər Əliyev Azərbaycan xalqının bəşəriyyətə təqdim etmiş olduğu ən nadir tarixi şəxsiyyətlərdən biridir və Heydər Əliyev Azərbaycan tarixində ən ardıcıl və ən böyük istiqlalçı, ən böyük demokrat, ən böyük vətənpərvər, ən böyük dövlətçi və ən böyük azərbaycanlı idi.
Heydər Əliyev 70-ci illərdə hakimiyyətdə olarkən Azərbaycanın iqtisadi həyatının dirçəldilməsində, sənayenin və aqrar sektorun inkişafında çox müstəsna xidmətlər göstərdi və o illər dediyim sahələrdə, sözün həqiqi mənasında, bir intibah dövrü idi. Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük tarixi xidmətlərindən biri məhz 70-ci illərdə xalqımızın şüurunda intibah yaratması idi. Onun yaratmış olduğu şərait Azərbaycanı Zeynəb Xanlarova, rəhmətlik Rəşid Behbudov, Niyazi kimi mədəniyyət və incəsənət korifeyləri vasitəsi ilə dünyaya tanıtdı. Onun yaratmış olduğu şərait o zaman yaradıcılığa yeni qədəm qoyan hörmətli həmkarımız Əkrəm Əylisli, Anar, Elçin, Məmməd Araz kimi Azərbaycanın müstəqilliyini özündə ifadə edən ədiblər yetişdirdi və onlara imkan yaradıldı ki, məhz onların əsərləri ilə Azərbaycanda milli şüur, milli təfəkkür inkişaf etsin.
Tarixin həm də hökmü ondadır ki, ulu öndərimizin içində yaşatdığı, böyütdüyü və gələcəyə hesablanmış olan ideyalarının reallaşması taleyi də ona qismət oldu. 90-cı illərin əvvəllərində ulu öndərimiz ömrü boyu içində yaşatmış olduğu ideyaların reallaşması və müstəqil Azərbaycan dövlətinin qurulması işinə başladı, çox böyük əzmkarlıqla, çox böyük çətinliklə, təkbaşına belə bir işin öhdəsindən gəldi və Azərbaycan xalqının ən böyük milli sərvəti olan müasir Azərbaycan dövlətini bugünkü və gələcək nəsillərə ərməğan etdi. Heydər Əliyevin həm də xalq qarşısında ən böyük xidmətlərindən biri də onda oldu ki, özündən sonra bu dövləti daha yüksək zirvələrə apara biləcək bir tarixi şəxsiyyət, siyasətçi və dövlət xadimi yetişdirib Azərbaycan xalqına təqdim etdi. Məhz bu tarixi şəxsiyyət ölkə Prezidenti İlham Əliyevdir.
Bir azərbaycanlı olaraq Heydər Əliyevin ruhu qarşısında ən ali borcumuz bu ideyalara xidmət etməkdir, onun ideyalarının bu və ya digər şəkildə təftişinə qarşı prinsipial və ardıcıl mübarizə mövqeyi tutmaqdır. Bu həm Azərbaycan xalqı qarşısında, həm Azərbaycan dövləti qarşısında, həm də ulu öndərimizin ruhu qarşısında bizim ən müqəddəs borcumuz olardı. Allah Heydər Əliyevə, ulu öndərimizə rəhmət eləsin, qəbri nurla dolsun! Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Zeynəb xanım deyir ki, ən çox deputat olan mənəm, ancaq hələ düyməni basmağı öyrənməmişəm. Ona görə etiraz etmirsinizsə, Zeynəb xanıma söz verək, o da ürək sözlərini desin. Buyurun, Zeynəb xanım.
Z. Xanlarova. Çox sağ olun, Oqtay müəllim. Əlbəttə, mən o zamanlar bu barədə danışmışam. İndi, yubiley ərəfəsində kitablar yazılır, çıxışlar edirlər. Mən Heydər müəllimin yanına xəstəxanaya gedəndə, vəzifəyə qoyduğu, yaxşılıq elədiyi adamlar ona bir salam da göndərmədilər. Nədir ki, havadır da, amma onlar demədilər ki, bizim salamımızı Heydər Əliyevə yetir. Evdə oturub televizora baxıram, görürəm ki, həmin adamlar ağızdolusu danışırlar. O adamlar indiyə qədər də vəzifədə oturublar. O adamlara mənim gülməyim gəlir. Evdə özüm-özümə gülürəm. Bir gün oğlum dedi ki, “ana, niyə gülürsən?” Dedim, vallah, bu adam o vaxt heç mənə demirdi ki, mənim salamımı Heydər müəllimə yetir, ancaq indi onun haqqında danışır, məni gülmək tutur.
Oqtay müəllim, düzdür, mən indi danışmaq istəmirdim, çünki vaxtında danışmaq lazım idi. İndi Elmira xanım mənə deyir ki, mənim bir kitabım çıxacaq, orada İvanovun fikirləri var. O, Heydər müəllimin yanında mühafizəçi idi. Həmin adam deyib ki, ay, Elmira xanım, 1986−1987-ci illərdə yalnız Zeynəb Xanlarova xəstəxanaya gəlirdi. Mən bunu özümə böyük borc bilirdim. Mən həmişə o şeyi etmişəm ki, başqaları edə bilməyib. Mən nə deyə bilərəm? Vaxtında danışmışam, indi ancaq bəzi adamların danışığına gülməyim gəlir. Kitabı qoyublar qabaqlarına, oxuyurlar.
Mən bu məqamda Rüstəmbəyov qardaşlarının gördükləri işləri xatırlayıram və Ramiz Mehdiyevin adını da burada çəkməyə bilmərəm. O vaxtlar biz məqalələr yazırdıq, Qorbaçova məktublar göndərirdik. Sosialist Əməyi Qəhrəmanı adı almağım bugün-sabahlıq idi, adım da Qorbaçovun stolunun üstündəydi.
Bizim əziz oğlumuz, Prezidentimiz İlham müəllimlə söhbət edəndə deyirdi ki, Zeynəb xanım, biz Sizin etdiklərinizin hamısını bilirik. Mən özümə borc bilirdim. Adamı yandırır axı, bu kişi Azərbaycan üçün nələr etməyib, kimlərə yaxşılıq etməyib? Heç olmasa, o yaxşılığı yaddan çıxarmasınlar. O adamlar indi onun haqqında hansı vicdanla danışırlar?
Xahiş edirəm, heç kim özünə götürməsin, mən o adamları nəzərdə tuturam ki, onlar Heydər müəllimə bir salamı belə göndərməyə çəkinirdilər. İndi də vəzifədə oturublar. Otursunlar. Lazım olanda onların adlarını da deyə bilərəm. Mənə düşmənçiliyi yoxdur, amma o kişini istəməyən adamı mən də istəmirəm.
O vaxt Ramiz müəllim nə qədər məqalələr yazırdı, Sirus Təbrizli nələr edirdi. Bizim evimizdə 91-lər yığışıb. Deyərdim ki, partiya bizim evimizdə qurulub. Ancaq mən o adamlar kimi orada-burada danışmıram, heç lazım da deyil. İşi vaxtında görmək lazım idi.
O vaxtlar Heydər müəllim mənə deyirdi, sənə Sosialist Əməyi Qəhrəmanı adı verəcəklər, qorxmursan, bu məqalələri yazırsan? Deyirdim ki, yox, mən heç nədən qorxmuram, hamısı sizə qurban olsun.
Axırıncı sözümü demək istəyirəm. Bir insan ki Azərbaycan xalqının ürəyində məşəl yandırıb, bir insan ki xalqın ürəyində heykəlləşib, o adama rəhmət yox, yaşasın deyərəm. O bizim xalqımızın ürəyində həmişə yaşayıb və yaşayacaqdır. Mən ona “ölüm” sözünü yaraşdıra bilmirəm. Mən deyirəm ki, yaşasın Heydər Əliyev! Nə qədər Azərbaycan var, o da yaşasın! (Alqışlar.)
Sədrlik edən. Çox sağ olun, Zeynəb xanım. Ürəkdən danışdınız. Musa Quliyev.
M. Quliyev. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! 10 may Azərbaycan xalqının tarixində, Azərbaycan xalqının taleyində ən müqəddəs günlərdən biridir. Məhz bu gündə ulu Tanrı Azərbaycan xalqına Heydər Əliyevi bəxş etdi. Azərbaycan xalqına xüsusi missiya ilə bu xalqı yenidən formalaşdırmaq, yenidən səfərbər etmək, yenidən ayağa qaldırmaq üçün, bu xalqın, bu millətin müstəqil dövlətini yaratmaq üçün öz dahisini göndərdi. Cənab Sədr, artıq neçə illərdir Azərbaycanın hər yerində bu ənənə formalaşıb, xalq hər yerdə 10 mayı bayram kimi qeyd edir. Bu gün də Azərbaycan xalqı bu ənənə ilə, bu əhvali-ruhiyyə ilə yaşayır. Mən təklif edərdim ki, növbəti iclasların birində 10 mayı Azərbaycanın milli bayramları sırasına qatmaqdan ötrü qərar qəbul edək və 10 mayı bayram günü kimi qeyd edək.
Cənab Sədr, Azərbaycan xalqının tarixində dahi şəxsiyyətlər, dövlət, elm, mədəniyyət və hərb xadimləri çox olmuşdur. Yalnız Heydər Əliyev bütün bu dahilərin, bütün zamanların fövqündə dayanan bir dahidir. İnsanın gərəkliyi, insanın dəyəri, insanın qiyməti onun öz xalqı, öz milləti, öz vətəni üçün etdiyi, gördüyü işlərlə ölçülür. Məhz Heydər Əliyev Azərbaycan xalqının varlığı, bütün tarixi boyu yaratdığı elə bir dahidir ki, o, Azərbaycan üçün ən böyük işi gördü, müstəqil Azərbaycan dövlətini qurdu, müasir Azərbaycan dövlətinin konseptual əsaslarını yaratdı.
Heydər Əliyevin xalq, millət, vətən qarşısında xidmətləri misilsizdir, saymaqla qurtaran, deməklə ölçüyə gəlməyəndir. Yalnız müstəqil Azərbaycan dövlətini yaratması, bunun inkişaf konsepsiyasını müəyyən etməsi, Azərbaycanı dünyaya təqdim etməsi, Azərbaycanı dünyada var etməsi Heydər Əliyevin ən böyük xidmətlərindən biri idi. Heydər Əliyev milli ideologiyanı, dövlətçiliyə və milli-mənəvi dəyərlərə söykənən azərbaycançılıq ideologiyasını yaratdı və məhz bu ideologiyanın əsasında dünyanın müxtəlif ölkələrinə səpələnmiş 50 milyonluq azərbaycanlını bir məbəd olaraq yaratdığı Azərbaycan dövlətinin ətrafında möhkəm şəkildə birləşdirdi.
Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri də budur ki, o, bu dövlətin gələcək inkişafını həyata keçirəcək, bu ideologiyanı gələcəkdə daha çox inkişaf etdirərək möhkəmləndirəcək siyasi lideri, siyasi xadimi yetişdirdi. Heydər Əliyev həm də çox xoşbəxt siyasi xadim, çox xoşbəxt dövlət xadimidir. Ən azı ona görə ki, onun qurduğu dövlət bu gün də yaşayır və gələcək yüzilliklərdə də yaşayacaqdır. Onun yaratdığı partiya yaşayır, get-gedə qüdrətlənir və Azərbaycanın, o cümlədən dünyanın ən aparıcı siyasi qüvvələrindən birinə çevrilir.
Nəhayət, onun siyasi kursunu müasir dövrün tələblərinə uyğunlaşdıraraq daha da modern şəkildə inkişaf etdirən Prezident İlham Əliyev onun başladığı işləri çox böyük uğurla davam etdirir və Azərbaycan xalqı gündən-günə qüdrətlənir.
Heydər Əliyev dünyaya Azərbaycan xalqının övladı kimi göz açdı, dünyada Azərbaycan xalqının atası kimi qaldı və öz xalqının atası kimi də qalacaqdır. Heydər Əliyevin həyatını, taleyini, apardığı mübarizəsini göz önünə gətirdikdə istər-istəməz bu nəticəyə gəlirsən: Tanrı Heydər Əliyevi xüsusi bir missiya ilə, Azərbaycan dövlətini yaratmaq, öz dövlətinin müstəqilliyini əbədi etmək missiyası ilə yer üzərinə göndərdi. Heydər Əliyev bu missiyanı yerinə yetirdi və Heydər Əliyevin başladığı bu işlər Azərbaycan xalqı və Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyev tərəfindən daha da uğurla davam etdiriləcəkdir. Heydər Əliyevin özü dediyi kimi, nə qədər Azərbaycan xalqı var, nə qədər Azərbaycan dövləti yaşayır, Heydər Əliyev yaşayacaqdır, Heydər Əliyev əbədi olacaqdır. Mən hörmətli Zeynəb xanımın dediyi fikrə qoşuluram ki, Heydər Əliyev Azərbaycanda əbədi olaraq yaşayacaq və bizim “yaşasın, var olsun Heydər Əliyev!” deməyə haqqımız vardır. Onu Haqq göndərib, hər işi haqdır və günəş tək parlayacaqdır. Nə qədər bu xalq var, millətin atası Heydər Əliyev yaşayacaqdır! Eşq olsun Heydər Əliyevə! Sağ olun.
Sədrlik edən. Çox sağ olun, Musa müəllim. Tənəffüs elan edirik. Hamımız bir yerdə ikinci mərtəbəyə qalxırıq. Etiraz etmirsinizsə, dəvət olunursunuz.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Fasiləsiz işləsək, heç o biri fasiləyə də çatmayacaqsan.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda 1 saat fasilə edək.

(FASİLƏDƏN  SONRA)

Sədrlik edən. Xahiş edirəm, əyləşəsiniz. Nizami İsgəndərov.
N. İsgəndərov. Çox sağ olun. Cənab Sədr, hörmətli deputatlar, xanımlar və cənablar! İlk öncə mən Milli Məclisin rəhbərliyinə dövlətimizin memarı ulu öndər Heydər Əliyevin anadan olmasının 85 illiyi ilə əlaqədar təşkil edilmiş tədbirə, ulu öndər haqqında yazılmış kitabın təqdimatına görə təşəkkür edirəm və bu kitabı hazırlayanlara öz minnətdarlığımı bildirirəm. Məlum olduğu kimi, təkcə Milli Məclisdə deyil, bu günlər ölkə ictimaiyyəti respublikamızın hər yerində ümummilli liderimiz Heydər Əliyevin yubileyini təmtəraqlı şəkildə qeyd edir. Mənim deputat olduğum Sumqayıt şəhərində də əbədiyaşar Prezidentimizin xatirəsinə silsilə tədbirlər təşkil olunur. Hətta deyərdim ki, sumqayıtlılar bu günü səbirsizliklə gözləyirdilər.
Heç kimə sirr deyil ki, ulu öndər adı Azərbaycan tarixində qızıl hərflərlə yazılan şəxsiyyətlərdən biridir. Onun istər siyasi, istər iqtisadi, istərsə də digər sahələrlə bağlı apardığı uğurlu işin bəhrəsini millətimiz min il sonra görəcək. Ulu öndər Azərbaycana rəhbərlik etdiyi müddətdə təkcə apardığı uğurlu siyasətlə deyil, öz quruculuğu ilə də yaddaşlara həkk olub. Bu gün respublikamızda elə bir zavod, fabrik, mədəniyyət və təhsil ocağı yoxdur ki, onun adı Heydər Əliyevlə bağlı olmasın, o cümlədən də millət vəkili seçildiyim doğma Sumqayıt şəhərində.
Məlumdur ki, Sumqayıt sənaye şəhəri olub. Postsovet məkanında gənc olmasına baxmayaraq, güclü sənayeyə malik “gənclik şəhəri”ndə onlarla zavod, fabrik, mədəniyyət və təhsil ocaqları tikilib. Heydər Əliyevin sayəsində şəhərimizdə dünya miqyaslı kimya sənayesini özündə birləşdirən nəhəng zavodlar inşa edilib. Əbədiyaşar rəhbərimizin istər sovet dönəmində, istərsə də sonrakı dövrlərdə Azərbaycana rəhbərlik etdiyi zamanlarda respublikada və Sumqayıt şəhərində xeyli inkişaf olub. Bunu hər bir sumqayıtlı təsdiqləyə bilər. Şəhərimizdə böyükdən kiçiyə hər kəs ulu öndər Heydər Əliyevin sumqayıtlılara olan qayğısını gözəl bilir. Onun ölkəyə rəhbərlik etmədiyi az bir zamanda onlarla zavod, fabrik, təhsil və mədəniyyət müəssisəsinin iflic vəziyyətə salınmasını heç kəs dana bilməz.
1991–1993-cü illərdə respublikanın hər regionunda olduğu kimi Sumqayıtda da işsizlik problemi yaranmışdı. Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışı bütün bu proseslərin qarşısını aldı. Zavod və fabriklərin əksəriyyəti yenidən öz işini bərpa etməyə başladı. Eyni zamanda, sahibkarlıq fəaliyyəti üçün münbit şərait yaradıldı. 10−15 il bundan öncə xarici ölkələrə üz tutan vətəndaşlarımızın əksəriyyəti yenidən işlə təmin olunaraq, hətta özləri bir sahibkara çevriliblər. Nəticədə işsizlik ordusu rəsmi olaraq 16 faizə enərək sahibkarlar ordusu ilə əvəzlənib.
Çox sevindirici haldır ki, ümummilli liderimizin millətimiz və dövlətimiz naminə qoyduğu irsi bu gün möhtərəm Prezidentimiz İlham Əliyev uğurla davam etdirir. Heydər Əliyev təkcə yeni iş yerlərinin açılması sahəsindəki xidməti ilə yaddaşlarda qalmayıb. Onun himayəsi nəticəsində saysız-hesabsız Azərbaycan gəncləri respublikamızdan kənarda təhsil alıblar. Həmin gənclər təhsillərini bitirdikdən sonra peşəkar kadr kimi yenidən respublikamızda və respublikanın digər bölgələrində işlə təmin olunaraq Azərbaycan dövlətinin inkişafı üçün xidmət göstərmiş və göstərirlər. Bu gün də həmin ənənə davam etdirilir. Bundan başqa, bir zamanlar dahi rəhbərimiz Heydər Əliyevin xeyir-duası ilə Rusiyanın müxtəlif şəhərlərinə təhsil almaq üçün göndərilən mütəxəssislər dövlət strukturlarında, yüksək postlarda təmsil olunurlar.
Onu da qeyd edim ki, dahi öndərimizin 85 illik yubileyi çox önəmli bir ilə təsadüf edir. Bu il dahi öndərin yubiley ili olmaqla yanaşı, həm də Azərbaycanda növbəti Prezident seçkiləri ili olacaq. Sumqayıtlıların parlamentdəki təmsilçisi olaraq deyə bilərəm ki, hər iki hadisə bizlər üçün çox önəmlidir. Qarşıdan gələn seçkidə biz – sumqayıtlılar artıq öz seçimimizi etmişik. Bunu seçicilərimlə mütəmadi olaraq keçirdiyim görüşlərdə dəfələrlə eşitmişəm. Əminliklə bildirmək istəyirəm ki, qədirbilən sumqayıtlılar oktyabrda seçki qutularına yaxınlaşaraq ulu öndərimizin siyasi kursunun layiqli davamçısına, Azərbaycanı xoş gələcəyə aparan şəxsə, cənab İlham Əliyevə səs verəcəklər. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun, Nizami müəllim. Gövhər Baxşəliyeva.
G. Baxşəliyeva. Çox sağ olun, Oqtay müəllim. Hörmətli millət vəkilləri, bu gün danışmaq bir qədər çətindir, çünki biz bu gün elə bir şəxsiyyətin fəaliyyətini və həyatını müzakirə edirik ki, bu şəxsiyyətin fəaliyyəti ölçüyəgəlməz dərəcədə böyükdür, çoxşaxəlidir. Azərbaycanın çoxəsrlik tarixində bir çox böyük şəxsiyyətlər, görkəmli sərkərdələr və hakimlər olub. Amma etiraf edilməlidir ki, onlardan heç biri Azərbaycan üçün Heydər Əliyevin gördüyü işlər qədər iş görməyib. Odur ki, hesab edirəm, Azərbaycanın çoxəsrlik tarixində Heydər Əliyev bütün bu görkəmli şəxsiyyətlərin fövqündə durur. Azərbaycanın 1970−1980-ci illəri, iqtisadi-siyasi, intibah dövrü, həm də onun 2003-cü ildən bu yana başlayan xilaskarlıq missiyası hamımızın gözü qabağında olub.
Bu gün Heydər Əliyev haqqında çox sözlər danışılır. Siz hamınız M.Qorkinin “Danko” adlı hekayəsini oxumusunuz. İnsanlar zülmətdə, çox ağır vəziyyətdə yaşayırlar. Danko bu insanları işığa çıxarmağı öz üzərinə götürür. O, insanları işığa doğru aparır, yalnız yol uzaq, ağrılı və çətin olur. İnsanların bəziləri çətinliyə dözməyərək Dankonu tənqid və tənbeh eləyirlər. Lakin buna baxmayaraq, Danko bu yola davam edir. Nəticədə dözməyib sinəsini yarır, ürəyini çıxarıb, insanların yolunu işıqlandırır və beləliklə də, insanları xilas edir. Mən həmişə böyük öndərimizin Azərbaycan xalqını işığa, inkişafa doğru aparmasını, Azərbaycan xalqını xilas edib inkişafa doğru yönəltməsini Danko ilə müqayisə eləmişəm. O elə bil ki, ürəyi ilə bu yolu işıqlandırmışdı, bütün çətinliklərə sinə gərib xalqı xilas etmişdi.
Onun şəxsiyyətində həm milli keyfiyyətlər, həm də ümumbəşəri keyfiyyətlər üzvi surətdə birləşirdi. Heydər Əliyev fövqəladə dərəcədə böyük ziyalı olub. Məhz onun böyük ziyalılığı elmə, təhsilə, mədəniyyətə olan münasibətini şərtləndirirdi. Burada Heydər Əliyevin mədəniyyət və incəsənət xadimlərinə münasibəti haqqında çox danışıldı.
Mən onun Elmlər Akademiyasına olan münasibəti haqqında danışmaq istəyirəm. İkinci dəfə hakimiyyətə qayıdanda, 1993-cü ildə məhz birinci görüşünü Elmlər Akademiyasında Azərbaycan ziyalıları ilə keçirdi. O vaxt birmənalı olaraq dedi ki, Elmlər Akademiyası Azərbaycan xalqının bir neçə nəsli tərəfindən yaradılmış milli sərvətidir və bu sərvəti nəyin bahasına olursa-olsun qoruyub yaşatmalıyıq. Məhz Heydər Əliyevin fərmanı sayəsində “Elmlər Akademiyası”na “Milli Elmlər Akademiyası” statusu verildi və respublikada mərkəzi elmi idarəetmə orqanı elan edildi. Bu gün də Milli Elmlər Akademiyasının fəaliyyəti bu istiqamətdə davam edir və biz inanırıq ki, cənab İlham Əliyev böyük öndərimizin elmə yönəlmiş bu siyasətini uğurla davam etdirəcəkdir. Heydər Əliyevin qadınlara münasibəti həmişə məni valeh edib. Çox yüksək səviyyədə mədəniyyətə malik olan bir insan məhz qadınlara bu cür münasibət bəsləyə bilərdi. Sirr deyil ki, bizim milli mentalitetimizdə kişilərdə bəzən qadınlara yuxarıdan aşağı baxmaq meyli var. Amma Heydər Əliyevin bütün həyatı boyu qadınlara ən yüksək hörmət və ehtiram göstərməsi, şəxsi həyatında da hörmətli Zərifə xanıma olan sevgisi, məhəbbəti, hörməti, hesab edirəm ki, həmişə bütün kişilər üçün örnək olaraq qalacaqdır.
Mən hesab edirəm ki, Heydər Əliyev milli Azərbaycan ruhunun ən böyük daşıyıcısı və ifaçısı idi. Müsahibələrin birində “ən çox sevdiyiniz şair kimdir” sualına o cavab vermişdi ki, Şəhriyar. Məhz Şəhriyarı söyləmək o deməkdir ki, bu insan ikiyə bölünmüş xalqın faciəsini daim ürəyində və yaddaşında yaşadır, saxlayır.
Bir də, bir məsələ haqqında demək istərdim. Bu günlərdə bu barədə çox danışılır. Mən hesab edirəm ki, Heydər Əliyevə ən böyük abidə, ən böyük xatirə ona layiq yaşamaq, ona layiq işləməkdir. Bəziləri dildə Heydər Əliyevin fəaliyyəti haqqında danışırlar, amma əməldə başqa işlərlə məşğuldurlar. Zeynəb xanım da bu barədə danışdı. Hesab edirəm ki, buna son qoymaq lazımdır. Məhz onun adına layiq yaşamaq, onun adına layiq Azərbaycan üçün çalışmaq lazımdır. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Əfsuslar olsun ki, bəzi millət vəkillərinin Milli Məclisin ulu öndərin 85 illiyinə həsr olunmuş iclasından vacib tədbirləri var. İclası yarımçıq qoyub, gediblər. Sevindik Hətəmov.
S. Hətəmov. Çox sağ olun, Oqtay müəllim. Hörmətli Sədr, hörmətli həmkarlarım! Bu gün biz ümummilli liderimiz Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycan parlamentində onun 85 illik yubileyini qeyd etməyə toplaşmışıq. Hesab edirəm ki, Azərbaycan tarixində ən xoşbəxt nəsil Heydər Əliyevin müasiri olan nəsildir. Azərbaycan tarixində ən xoşbəxt nəsil Heydər Əliyevlə bir dövrdə yaşayan nəsildir. Heydər Əliyev hər bir azərbaycanlının həyatında əbədi olacaqdır. Azərbaycanlıların işıqlı yolu və firavan gələcəyi Heydər Əliyev yoludur. Ulu öndər elə bir şəxsiyyətdir ki, əbədi olaraq xalqımızın yaddaşına həkk olunub. Baxın, dövlətçilik tariximizdə böyük dövlət xadimləri öz xalqlarının xilaskarı olublar. Ancaq “Azərbaycan xalqının ümummilli lideri” adını yalnız Heydər Əliyev qazana bilib. Bu adı ona xalq verib. Hesab edirəm ki, ümummilli lider olmaqdan ötrü mütləq Heydər həyatı yaşamaq, Heydər həyatı keçmək lazımdır. Bir daha bəyan edirəm ki, bizi xoş gələcəyə, dünyanın lider dövlətlərinin sırasına məhz bu yol aparacaq. Bu yol həm də tariximizi, keçmişimizi, milli kimliyimizi özündə cəmləşdirən və gələcək nəsillərə ötürəcək bir yoldur.
Heydər Əliyev elə bir şəxsiyyətdir ki, onun barəsində danışmaq həm çox asan, həm də çox çətin bir işdir. Asandır, ona görə ki, Heydər Əliyevin təbliğatına heç bir ehtiyac yoxdur. Onun qurduğu işlər hamının gözü önündədir. Demək olar ki, bizim hər birimizin kiçicik bir uğuru Heydər Əliyevin adı ilə bağlıdır, ancaq böyük mənada Heydər Əliyevdən danışmaq çox çətindir. Mən kiminsə Heydər Əliyev kimi nəhəng bir şəxsiyyətin obrazını yaradacağına inanmıram. Heydər Əliyev elə bir şəxsiyyətdir ki, bundan sonra onun irsinin öyrənilməsinə əsrlər bəs etməyəcək, çünki hər yeni araşdırma mütləq yeni bir iş ortaya qoyacaq. Hətta dilin gücü Heydər Əliyev şəxsiyyətini açmaqda, qiymətləndirməkdə acizdir desək, yanılmarıq. Bu gün Heydər Əliyevin adını dünya səviyyəli siyasətçilərlə birgə çəkirlər. Heydər Əliyev öz əməlləri, siyasəti ilə buna nail olub. Xalqımıza o qədər yaxın olub ki, bütün dünyada Azərbaycan xalqı dedikdə Heydər Əliyev, Heydər Əliyev dedikdə isə Azərbaycan xalqı başa düşülür. Ona görə də Azərbaycan xalqı ümummilli lideri ilə həmişə fəxr edəcək.
Gəlin, diqqət yetirək, Heydər Əliyevin anadan olmasının 85 illiyi tək Azərbaycanda qeyd edilmir. Artıq mayın 10-u dünya azərbaycanlıları səviyyəsində, deyərdim ki, beynəlxalq səviyyədə qeyd edilir. Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası hakimiyyətə gəldiyi gündən indiyədək Azərbaycanda həyatın bütün sahələrində böyük irəliləyişlər əldə edilib. Milli dövlətçiliyimizin möhkəmləndirilməsinə, cəmiyyətin ümumi mənafelərini təmin edən idarəetmə sisteminin formalaşdırılmasına Heydər Əliyevin rəhbərliyi ilə nail olunub. Onun fəaliyyətinin hər bir hissəsi xalqımızın mədəni inkişafına, iqtisadi və siyasi yüksəlişinə xidmət edən müvəffəqiyyətlərlə zəngindir. Bütün bunların başında isə hakimiyyət və cəmiyyət arasında milli maraqlara xidmət edən etibarlı, milli həmrəylik yaranmışdır ki, ümummilli liderin bu mənada misilsiz rolu var.
Milli dövlətçiliyimizin oturuşmasında, onun yaxın və uzaq dünyada tanınmasında Heydər Əliyevin xidmətləri əvəzsizdir. Onun gecəli-gündüzlü əməyi nəticəsində son illər ölkəmizdə həyata keçirilən islahatların miqyası belə deməyə əsas verir ki, Azərbaycanda insanların qayğısına qalan, əhalinin bütün təbəqələrinin müdafiəçisi olan bir dövlət qurulub. Heydər Əliyev ideyaları elə təməl və prinsiplər üzərində elə şəxsiyyətlərin rəhbərliyi ilə yaradılıb ki, onu heç bir qüvvə sarsıda bilməz. Bu ideyalar hər zaman xalqın iradəsinə arxalanır, hər zaman yeniləşir və Azərbaycanı daha da yeniləşdirir. Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının memarı və qurucusudur. Azərbaycanın dövlət müstəqilliyini müdafiə etmək və möhkəmləndirmək, onun hakimiyyət fəlsəfəsi və strategiyası, metodologiyasının xalqımızın milli-mənəvi dəyərlərinin qorunub gələcək nəsillərə ötürülməsində, onun dövlətçiliyimizin ayrılmaz bir sahəsinə çevrilməsində Heydər Əliyev qədər çalışan ikinci azərbaycanlı olmamışdır. Müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu olan Heydər Əliyevin hakimiyyəti...
Sədrlik edən. Çox sağ olun. Çalışın, 5 dəqiqəyə çıxışınızı yekunlaşdırasınız ki, söz yarımçıq qalmasın. Valeh Ələsgərov, buyurun.
V. Ələsgərov. Təşəkkür edirəm, cənab Sədr. Bu gün burada çıxış etmək mənim üçün böyük şərəfdir, həm də çox çətin bir missiyadır. Heydər Əliyevin sıravi əsgəri olaraq Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində iştirak edən hər bir insan üçün Heydər Əliyev haqqında danışmaq həm şərəfdir, həm də çətindir. Nəyə görə? Bu gün danışdığımız böyük layihələrin hansı əziyyətlərdən, çətinliklərdən, təxribatlardan keçdiyini xatırlayanda, ancaq başa düşürsən ki, hansı iradənin, fədakarlığın sahibi idi, uzaqgörən idi Heydər Əliyev. Əgər Azərbaycan Respublikası bu gün müstəqil dövlət kimi varsa, Heydər Əliyevə görə var. “Millət, xalq” deyə bilərik, amma tarix isbat elədi ki, şəxsiyyət olmayan yerdə kütlə bir iş görə bilmir. 1993-cü ilin iyun ayında, hamımızın yadındadır, hansı vəziyyətdə idik, Heydər Əliyev olmasa idi, Azərbaycan tapdaq altında olan neçə dövlətə bölünmüşdü, neçə bayrağın, neçə parlamentin sahibi olmuşdu, Allah bilir. Heydər Əliyevin neft strategiyasının nəticələrini bu gün görürük. Ancaq həmin strategiyanın təməlinin qoyulması tarixinə, onun formalaşmasına, həyata keçirilməsinə fikir versək, görərik ki, nə qədər çətinliklər olub.
Ölkələr var ki, nefti də, qazı da, başqa təbii sərvətləri də var, ancaq həmin sərvətlər dövlətin, millətin mənafeyinə xidmət etməyir. Bunun üçün ya xalqın iradəsi, ya biliyi, ya da bacarığı olmur. Qısa bir müddətdə Azərbaycanın əsas təbii ehtiyatlarından, Azərbaycanın müstəqilliyi yolunda düzgün istifadə etmək hər adamın işi deyildi. Həmin dövrdə dağılıb tökülən Azərbaycana kim idi inanan? Heydər Əliyev olmasaydı, dağılıb tökülən Azərbaycana kim milyardlarla dolları qoyardı? Həmin dövrdə Azərbaycana, ya da Azərbaycanın neft və qaz ehtiyatlarına yox, − bu işlərin iştirakçısı kimi sizə deyirəm, − Heydər Əliyevə inanırdılar. Hökumətlər, şirkətlər, banklar Heydər Əliyevin sözünə, Heydər Əliyevin imzasına inanırdılar. Bu gün böyük layihələrdən, Avrasiyanı, iki böyük məkanı birləşdirən layihələrdən danışanda biz bunları yadımızdan çıxarmamalıyıq.
Mənim yadıma bir hadisə düşür, bəzi yoldaşlara söyləmişəm. Bir neçə il bundan qabaq İstanbulda “Üç dənizin əfsanəsi” adı ilə keçirilən konfransda çox çıxışlardan sonra Heydər Əliyev çıxışında dedi ki, siz əfsanədən danışın, bizə də imkan verin, biz bu əfsanələri həyata keçirək. O zaman heç kim inanmırdı ki, Bakı–Ceyhan nə vaxtsa tikilib, işə buraxılacaqdır. Qısa bir müddət keçdi, Bakı−Ceyhan, Bakı–Tbilisi–Ərzurum işə buraxıldı, Bakı–Tbilisi–Qars mütləq işə buraxılacaqdır. Doğrudan da, bizim rəhbərimizin iradəsi, fədakarlığı sayəsində bu qədər böyük, çoxlarının inanmadığı layihələr həyata keçdi. Bu gün biz bunları adi bir şey kimi qəbul eləyirik. Bakı–Ceyhanın adını çəkəndə elə bil gündə gördüyümüz, gündə əlimiz dəyən bir şey haqqında danışırıq. Amma bunun işə salınması üçün nə qədər iradə, fədakarlıq lazım idi. Onu bir Allah, bir də Heydər Əliyev bilir. Bu gün Azərbaycanın inkişaf etmiş, regionda güclü, qüdrətli bir dövlət olmasının bünövrəsini qoyan Prezidentimiz həmişə bizimlə olsun, həmişə başımız onunla birlikdə uca olsun. Allah bizə ağıl versin ki, onun qoyduğu yolla düzgün irəli gedək. Sağ olun.
Sədrlik edən. Sağ olun, Valeh müəllim. Fuad Muradov.
F. Muradov. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Ulu öndər haqqında danışmaq çox çətindir, amma çox şərəfli işdir. Mən də bir gənc olaraq, öz fikirlərimi sizinlə bölüşmək istəyərəm. Bir gənc olaraq mən deyə bilərəm ki, ümummilli liderimizin o vaxtkı siyasəti Azərbaycanın bu gününə yönəlmişdi. Həmin siyasətin nəticəsidir ki, Azərbaycan sürətlə inkişaf eləyir, hər bir insanın bu inkişafda öz rolu var. Yəni hər bir insan öz üzərinə müəyyən məsuliyyət götürərək bu işi davam etdirir.
1996-cı ildə Azərbaycan gəncləri çox xoş bir gün yaşadılar. Azərbaycan gəncləri ulu öndərlə görüşdülər. Görüşün formatı əvvəlcədən bəlli olsa da, gedişində müəyyən dəyişikliklər edildi və orada ulu öndərimiz gənclərin fikrini eşitmək istədi. Yəni ənənəvi çıxışlardan başqa gənclər öz fikirlərini söylədilər. Bu fikirlərin əsası ondan ibarət idi ki, Azərbaycan gənclərinə, Azərbaycan gənclər təşkilatlarına böyük diqqət var. Düzdür, bəzi məmurlar orada çıxış eləyərək bildirmişdilər ki, biz bu işləri görürük və sair. Amma ulu öndər bilirdi ki, vəziyyət nə yerdədir. Məhz onda 2 fevralın Gənclər günü elan olunması ideyası yaranmış, gənclər siyasəti dövlət siyasətinin tərkib hissəsi elan edilmişdi. Bəzi ölkələrdə hələ də gənclərin qüvvəsinə inanmayaraq, belə bir xüsusi dövlət gənclər qurumunun yaranmasına da ehtiyac görmürlər. Amma 1994-cü ildə Azərbaycanda belə bir qurum yaradıldı və artıq Azərbaycan gənclərinin işi dövlət siyasəti çərçivəsində aparılır.
Gənc kimi bizə nə lazımdır? Biz istəyirik əmin olaq ki, bizim işimiz, təhsil almaq imkanımız var, Azərbaycanın gələcəyi var. Bu gün gənclər üçün ən vacib amillərdən biri stabillikdir. 1990-cı illərin əvvəllərində gənclərin düşüncələrini, vəziyyətlərini yada salaq. Küçədəki problemlər, evsizlik, işsizlik, müəyyən siyasi qüvvələrin təzyiqi, gələcəklə bağlı heç bir ümid yox idi. Bu gün Azərbaycan gənci bilir ki, onun sabahı necə olacaq. Onun 1−2 illik plan qurmaq imkanı var. Bunlar gəncə lazım olan çox balaca, amma çox vacib məsələlərdir. Gənclər siyasəti, gənclər haqqında qanunlar, gənclərin asudə vaxtının təşkili ilə bağlı məsələlər gündəmdədir.
Bir gənc olaraq hər hansı bir çətinlik, problemlə üzləşəndə mən ulu öndərin fikirlərində həmin problemin həllini görürəm. Yəni onun çıxışlarında bu məsələlərin 100 faiz həlli var. Ona görə biz çalışmalıyıq ki, bu istiqamətdə tutarlı işlər görək. Prezidentimiz cənab İlham Əliyev də bu gün gənclər məsələsini prioritet məsələ kimi qəbul edir. Onların şəraitinin yaxşılaşdırılması, ictimai-siyasi proseslərdə fəal iştirak etmələri üçün addımlar atılır. Bir sözlə, gəncləri cəmiyyətin həyatında fəal iştirak etməyə həvəsləndirirlər. Bu, çətindir, asan deyil. Amma bizi həmişə rəhbər kimi irəli aparan bir şəxsiyyət var. Bizim ulu öndər həmişə bizi istiqamətləndirir.
Bu gün Prezidentimiz də bəyan edir ki, həmişə gənclərin yanındadır. Bu kimi məsələlər bizim gənclər üçün çox vacibdir. Biz indi də, gələcəkdə də dövlət quruculuğunda, müstəqilliyin qorunmasında çox fəal işləməliyik. Biz heç vaxt imkan verə bilmərik ki, Azərbaycanda stabillik pozulsun, Azərbaycan pis günlərə qayıtsın. Ən azı ona görə ki, bizim ulu öndər kimi müəllimimiz olub. Ən azı ona görə ki, bu gün Prezidentimizin fəaliyyəti məhz Azərbaycanın gələcəyinə yönəlib. Mən tam əminliklə deyə bilərəm, bəzi problemlər olsa da, biz bu yoldan heç vaxt dönməyəcəyik və biz hər zaman çalışacağıq ki, Azərbaycan gəncləri Azərbaycanın gələcəyinin qurulmasında, qorunmasında fəal iştirak eləsinlər. Gənclər öz işlərində, əməllərində dövlətçiliyi, müstəqilliyi əsas prinsip kimi rəhbər tuturlar. Allah rəhmət eləsin!
Sədrlik edən. Sağ olun. Rəbiyyət Aslanova.
R. Aslanova. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Tarixə çevrilmiş hər bir dahinin dərk olunması, fəaliyyətinin qiymətləndirilməsi ikili səciyyə daşıyır. Birinci səciyyədə ilk baxışda görünən hadisələrin səthində seçilən proseslərə, nəticələrə görə verilən qiymət. İkinci səciyyədə isə gözlə görünməyən, adi şüurun dərk etmədiyi, yalnız hadisələrin dərin qatlarına nüfuz etdikdən sonra məlum olan həqiqətlər. Bəlkə buna görə də biz, adi insanlar böyük şəxsiyyət qarşısında həmişə bir heyranlıq və heyrət hissi yaşayırıq. Əgər adi fərd hadisələrin ayrı-ayrı hissələrini görürsə, dahi şəxsiyyət onu bir tamlıqda görür. Adi insanın istək, arzuları, məqsədləri ilə tarixi şəxsiyyətin məqsədləri arasında çox böyük fərq var. Bütün bunları gördükdən sonra anlayırsan ki, tarix gərəkli-gərəksizi hadisələrin bir toplumu deyil, tarix orada qalmaq haqqı qazanmış insanın fəaliyyətinin nəticəsidir.
Tarixin bir geri dönməzliyi var, tarixin mərhələləri, bu mərhələlərin bir-birini əvəzləməsi var. Tarixin bu mərhələləri, əslində, az ehtimallı vəziyyətdən çox ehtimallı vəziyyətə keçmək imkanıdır. Bu ehtimallar içərisində ən uğurlusunun seçilməsi, ən uğurlusuna cavab verilməsi, növbəti mərhələyə adlanması tarixi şəxsiyyətin missiyasıdır, tarixi şəxsiyyətin öhdəsinə düşən böyük vəzifədir. Növbəti mərhələnin çağırışına düzgün cavab verə bilən, onu irəliyə doğru apara bilən insan tarixdə öz xalqına, dövlətinə xidmətini göstərir.
XX əsrin sonunda üçqat keçid dövrü yaşayan respublikamız, məmləkətimiz bir sıra məqamlarla, çətinliklərlə üzləşdi. Sözsüz ki, milli müstəqilliyimizin qorunması, suverenliyimizin virtual reallığa çevrilməməsi, milli inkişaf strategiyamızın daha da uğurla inkişaf etdirilməsi missiyasını da ulu öndərimiz öz boynuna götürdü. Ancaq ulu öndər bir də onu bilirdi ki, dünyanın inkişaf meyillərində çox çətin anlar olacaq. Daha dəqiq desək, siyasi gerçəkliklə siyasi gələcək arasındakı əlaqəni hər kəsdən gözəl bilən cənab Heydər Əliyev duymuşdu ki, qədəm basacağımız üçüncü minillik dünyanın özünəməxsusluğu ilə fərqlənəcək və dünyanın dərkində müttəfiq olan zaman və məkan anlayışları da mahiyyətcə dəyişəcək. Sözsüz ki, bu da siyasətdə öz tətbiqini tapacaqdır.
Sıxlaşmış zaman çərçivəsində bəşəriyyət yalnız ərazi məkanda deyil, inteqrasiyanın nəticəsi olan siyasi, iqtisadi, informasiya, hüquq, sosial, elm-təhsil və sair məkanlarda mövcud olacaqdır. Kiçik və böyük dövlət məfhumu ərazi, torpaqla ölçülməyəcək. Hər bir xalqın, dövlətin qüdrəti yeni yaranan məkanlarda tutduqları mövqe ilə ölçüləcək. Bu məkanların sərhədləri isə yoxdur. Şəffafdır, lokal deyil, qlobaldır. Orada qalmaq üçün çoxlu səylər lazımdır və bu məkanlarda bərabər hüquqlu üzv olmaq isə dövlətin varlığının beynəlxalq etirafı və qarantıdır. İlk növbədə beynəlxalq iqtisadi əməkdaşlıq məkanında yer almağın çox çətin olduğunu hər birimiz bilirdik.
Bu gün burada hörmətli həmkarlarım böyük iqtisadi layihələrdən danışırlar və sözsüz ki, bu məkanda yer almaq üçün transmilli korporasiyaların maraqlarına qarşı milli maraq və mənafeyinin qorunması, qlobal layihələrin gerçəkləşməsində Azərbaycanın mənafeyinin əsas götürülməsi ali prinsip idi. Yaxud beynəlxalq siyasi hüquq məkanına keçməyimiz, sözsüz ki, rollar bölüşdürüldüyü bir məkanda sakit olmaq, Şərqə həmişə şübhə ilə baxan insanlarda Azərbaycan haqqında təsəvvürləri dəyişdirmək, hüquqi, dünyəvi demokratik dövlət quruculuğunun bizim üçün nə qədər önəmli olduğunu Qərbin təsdiqləməsinə nail olmaq, bizə qarşı çevrilmiş təhdidlərin qarşısını almaq, bütün bunlar ulu öndərin ən böyük dühasının nəticəsi idi.
Yaxud elm və təhsil məkanında yer almağımız, yüksək intellektual sərvətə malik xalqımızın dünya elminə verdiyi töhfələrin etirafına nail olmaq kifayət qədər çətin bir məqam idi. Şərqə həmişə praqmatik münasibəti ilə seçilən Qərbə hansı irsə malik olduğumuzu sübut etmək, Şərq və Qərb dialoqunun təşəbbüskarı olduğumuzu onlara çatdırmaq çox vacib idi. Sözsüz ki, bu məkanların sahibi olmaq, həmin məkanlarda bərabər hüquqlu üzv kimi yaşamaq, yerləşmək bizim üçün çox əhəmiyyətli bir məqamdır. Bu gün dövlətlər arasında inteqrasiya məkanına, ölkəmizin inkişafına, iqtisadiyyatın modernləşməsinə, cəmiyyətimizin mənəvi-əxlaqi əsaslarının təkmilləşdirilməsinə kömək edən bütün qüvvələrimizi səfərbər etməklə daxil olmalıyıq. Biz bu gün qüvvələrimizi səfərbər edəcəyik və edə də bilərik, çünki qüvvələrimizin səfərbər olunması üçün möhtərəm Prezidentimiz cənab İlham Əliyev səy göstərir, çalışır, onun bizi gələcəyə istiqamətləndirən iradəsi var. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun, Rəbiyyət xanım. Elton Məmmədov.
E. Məmmədov. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Azərbaycanın tarixində, Azərbaycan xalqının həyatında danılmaz yeri olan xalqımızın ümummilli lideri, bütün türk dünyasının böyük öndəri, müasir dövrümüzün görkəmli siyasi xadimi, həyat və fəaliyyəti gələcək nəsillərə örnək olan Heydər Əliyevin 85 illik yubileyinin təntənəsini yaşayırıq. Heydər Əliyev kimi əzəmətli, möhtəşəm bir dühanın fəaliyyətinin əsasını xalqa, Vətənə, dövlətə sevgidən yoğurulmuş ideyalar təşkil etmiş, bəşəri dəyərlərə xidmət önə çəkilmişdir. Tarixə müstəqil Azərbaycan dövlətinin memarı kimi daxil olan Heydər Əliyevin ölkəmizin dünya birliyində yerinin müəyyənləşdirilməsində, müstəqilliyimizin qazanılmasında və möhkəmləndirilməsində, ictimai, siyasi sabitliyin bərqərar olmasında rolu ölçüyəgəlməzdir. Məhz bu sabitlik iqtisadiyyatın və sahibkarlığın inkişafına, beynəlxalq iqtisadi və maliyyə sisteminə inteqrasiya edən sosial ədalət prinsipinə əsaslanan demokratik, hüquqi dövlət quruculuğu yoluna qədəm qoymağa imkan yaratmışdır.
Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkə iqtisadiyyatının böyük uğurlarının əsası qoyulmuş, aqrar islahatlar həyata keçirilmiş, daxili və xarici siyasətdə mühüm uğurlar əldə edilmiş, sosial sahəyə diqqət artırılmış, ordu quruculuğunda nailiyyətlər qazanılmış, elm-təhsil və mədəniyyətin inkişafı sürətlənmiş, neft strategiyası “Əsrin müqaviləsi”nin imzalanması ilə reallığa çevrilmişdir. Xüsusilə qeyd etmək istərdim ki, Azərbaycan üçün həyati əhəmiyyəti olan bu müqavilə həm respublikanın daxilində sabitliyin bərqərar olması, həm də xarici siyasətdə uğurların əldə edilməsində müstəsna rol oynamışdır.
Ulu öndərimiz cəmiyyətdə demokratikləşməyə, insan hüquq və azadlıqlarının təmin olunmasına xüsusi önəm vermişdir. Heydər Əliyevin əvəzolunmaz xidmətlərindən biri Azərbaycanı regionda, Avropa və Asiya qovşağında aparıcı bir dövlətə çevirməsi olmuşdur. Məhz bu siyasətin nəticəsində indi müstəqil Azərbaycan çağdaş dünyamızın əhəmiyyətli dövlətinə çevrilmiş, BMT-nin, ATƏT-in, Avropa Şurasının, bir çox digər beynəlxalq və regional təşkilatların tam hüquqlu üzvünə çevrilmişdir.
Heydər Əliyev dühasından danışarkən, 90 illiyini qeyd etməyə hazırlaşdığımız Azərbaycan parlamentinin tarixindəki önəmli məqamlara da diqqət yetirməyi özümə borc hesab edirəm. Ümummilli liderin 1993-cü il iyun ayının 15-də Azərbaycan parlamentinin Sədri seçilməsi parlamentarizm ənənələrinin inkişafına böyük təkan vermiş, qanunvericilik orqanının təşəkkülünə və nüfuzunun yüksəlməsinə səbəb olmuşdur. Qanunun aliliyi, azad vətəndaş cəmiyyəti prinsiplərinin zəruriliyi önə çəkilmiş, ulu öndərin parlamentə rəhbərlik etdiyi qısa müddət ərzində ölkə üçün vacib, əhəmiyyətli qərarlar qəbul edilmişdir. Məhz həmin gün respublikamızın müstəqillik tarixində yeni eranın başlanğıcı oldu və Azərbaycan salnaməsinə Qurtuluş günü kimi yazıldı.
Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanda hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun əsası qoyulmuşdur. Bu dövrdən sonra Milli Məclisin qəbul etdiyi qanunvericilik aktları ölkəmizin demokratik yolla inkişafı və hüquqi dövlətə çevrilməsi üçün zəruri olan bütün hüquqi təminatları yaratmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən böyük inam və uğurla davam etdirilən Heydər Əliyev siyasəti nəticəsində Azərbaycanın nüfuzu müstəqil bir dövlət kimi ilbəil artır, ictimai-siyasi sabitlik və iqtisadi inkişaf durmadan möhkəmlənir. Dünyanın görkəmli şəxsiyyətləri sırasında özünün layiqli yeri olan Heydər Əliyev haqqında çox qısa çıxışımın sonunda böyük fəxrlə deyə bilərəm ki, xalqın, Vətənin taleyini öz taleyinə çevirən Heydər Əliyev ideyaları daim Azərbaycan xalqına və dövlətinə tərəqqi və uğur gətirəcəkdir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Əli Hüseynov.
Ə. Hüseynov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli həmkarlarım! Bu gün parlamentdə ümummilli liderimiz Heydər Əliyevin 85 illik yubileyinin qeyd olunması, əlbəttə, çox təqdirəlayiq haldır. Eyni zamanda, həm də təbiidir, çünki Heydər Əliyevin qanunvericilik hakimiyyətinə, parlamentə həmişə diqqəti yüksək olub, amma eyni zamanda, onun siyasi fəaliyyətinin çox maraqlı, çox gərgin bir hissəsi məhz parlamentdə, bu binada keçmişdir. Mən elə bilirəm ki, biz Heydər Əliyevi ancaq yubileylərində yox, hər gün xatırlayırıq, bizə doğma olan bir həmkar kimi də Heydər Əliyev haqqında çox fikirlər söylənilir. Yenə deyirəm, bu iclas salonunda onun haqqı var, hər zaman onun haqqında fikirlər söylənilməlidir. Mənim təsəvvürümdə o, ilk növbədə bir dövlət adamı, həm qətiyyətli, həm də humanist bir şəxsiyyət kimi qalıb. Hüseyn Cavidin 100 illiyi ərəfəsində o, keçmiş sovet ideologiyasının əleyhinə olaraq getdi və qətiyyətlə onun qəbrini Azərbaycana, onun doğma yurduna köçürdü.
1990-cı il yanvarın 20-də bəzən bir ayağı xüsusi xidmət orqanlarında, bir ayağı mitinqdə olanlardan fərqli olaraq, o, Moskvada, SSRİ-nin mərkəzində Azərbaycan nümayəndəliyinə gəldi və yenə də qətiyyətli mövqeyini bildirdi. 1993-cü ildə Azərbaycan, sözün əsl mənasında, vətəndaş qarşıdurması vəziyyətində olanda yenə də qətiyyətlə Gəncəyə yollandı və xalqı qarşıdurmadan xilas etdi. 1993−1995-ci illərdə Azərbaycanda cinayətkarlığın, dövlət çevrilişi cəhdinin qarşısını qətiyyətlə aldı.
Amma bunlarla yanaşı, Heydər Əliyev həm də humanist bir dövlət başçısı idi. Siyasi həmfikirlərim burada maraqlı bir məsələyə toxundular. Doğrudan da, bəzən onun şəxsiyyəti əleyhinə olan, ona xəyanət eləyən insanlar da var idi. Amma o, həmin insanları da bağışladı. O, Azərbaycanda yeni siyasət formalaşdırırdı, xalqı, siyasi elitanı formalaşdırırdı. Buna görə də o, humanist insan idi. 1998-ci ildə, xatirəmdədir, parlamentə bir məktub təqdim olundu. Heydər Əliyev Azərbaycanda ölüm cəzasının ləğv olunması ilə bağlı parlamentə müraciət etdi. Bəlkə də onun həmin məktubu olmasa idi, ölüm cəzası ləğv edilməzdi. Mənim üçün bunun hüquqdan daha çox mənəvi əhəmiyyəti var idi, çünki Heydər Əliyev bir dövlət adamı, şəxsiyyət kimi gözəl bilirdi ki, Allahın verdiyi ömrü Allahdan başqa heç kim ala bilməz. Bu gün mənim üçün həmin akt hüquqi mənadan daha çox mənəvi məna kəsb eləyir. Heydər Əliyev bir daha göstərdi ki, o, bütün azərbaycanlılara qarşı münasibətdə humanistdir, hətta müəyyən dövrdə qanunu pozmuş insanlara qarşı da.
Şəxsiyyət kimi, əlbəttə, Heydər Əliyev Allaha yaxın, xalqına bağlı insan kimi xarakterizə olunur. Verdiyi bütün qərarlar xalqın hüquqlarının qorunması ilə bağlı olub. Hətta bəzən hansısa bir fərdin, insanın pozulmuş hüququnun qorunması ilə bağlı Heydər Əliyev fərman verərdi və faktik olaraq, onlarla, minlərlə insanların haqqını bərpa edirdi.
Heydər Əliyev çox təvazökar insan olub. Bunu bilirik, özü haqqında çox az fikirlər söyləyib. Amma mən çıxışımı onun qətiyyətli, humanist, eyni zamanda, xalqa və Allaha bağlı bir insan kimi xarakterizə edən fikirləri ilə bitirmək istərdim. “Mən həmişə xalqa xidmət etmişəm, mən əməlisaleh adam olmuşam. Bu gün də bu yolla gedirəm, ona görə də xalqımın yolunda həyatımın son dəqiqəsinə qədər xidmət edəcəyəm və heç vaxt heç şey məni qorxutmayıb, çəkindirməyibdir. Əgər hər hansı bir namərd gülləsi məni məhv edə bilərsə, mən də Azərbaycan xalqının yolunda həlak olmuş şəhidlərin biri olacağam. Ancaq əminəm ki, böyük Allah məni indiyədək hifz etdiyi kimi, qoruduğu kimi, bundan sonra da hifz edəcək, qoruyacaqdır və mən Azərbaycan xalqı üçün öz xidmətlərimi bundan sonra da göstərəcəyəm”. Bu gün bir daha şahidi oluruq ki, Heydər Əliyev cismani bizimlə olmasa da, o yenə də öz xalqına xidmət edir. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Nizami Xudiyev.
N. Xudiyev. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! İnsanlar var ki, bir müddət ağızlarda dolaşan nəğmələrə bənzəyirlər, az sonra bu nəğmə unudulur. Dahilərin adı isə hər zaman dillərdə olur. O da dahi idi və bütün dövrlərin dahisi olaraq qalacaq. Bu gün yenə ulu öndər Heydər Əliyev fenomenindən danışırıq. Heydər Əliyev bənzərsizliyindən söhbət açırıq. Bu siyasət korifeyinin heç vaxt heç bir təbliğata ehtiyacı olmasa da, biz dönə-dönə ona qayıdacağıq. Bunun səbəbi odur ki, özümüzün ona ehtiyacımız var. Heydər Əliyev müdrikliyi, uzaqgörənliyi, titanik fəaliyyəti ilə dünyanın ən nəhəng say-seçmə siyasətçiləri ilə bir sırada özünə əbədi yer alan ən böyük azərbaycanlıdır. Adı Azərbaycanın, bütövlükdə türk dünyasının tarixinə qızıl hərflərlə yazılmış dahidir. Belə dahilər, bu cür hərtərəfli düşüncə və dərrakəyə, təfəkkürə malik insanlar isə hər xalqın bəxtinə düşmür.
Heydər Əliyev böyük uzaqgörənliklə “Mən həmişə xalqa arxalanmışam, xalqa bel bağlamışam, mənim həyatım həmişə xalqla bir yerdə olub, bu gün də bir yerdədir, sabah da bir yerdə olacaqdır” dedi. Xalqımız qarşısında göstərdiyi möhtəşəm xidmətlərinə görə tarixdə əbədi yaşamaq haqqı qazandı. O, sözün əsl mənasında, Vətənin böyük oğlu, liderlər lideri, bənzərsiz dövlət xadimi idi.
Mən bu gün fəxrlə deyirəm ki, Heydər Əliyev dövrünün yetirməsiyəm. Onun zəmanəsinin övladıyam, onun liderlik məktəbindən dərs almışam. O, bitib tükənməyən bir xəzinə, bir örnək, Allah tərəfindən yer üzünə göndərilmiş müqəddəs bir varlıq, xarizmatik bir qüvvə idi. Onun çox zəngin həyatının ömür yolunu, titanik fəaliyyətini azərbaycanlılar, bütövlükdə türk dünyası üçün gördüyü misilsiz işləri ifadə etməkdə az qala söz də acizdir. Əslində, bunun üçün qalaq-qalaq, cild-cild kitablar yazılmalıdır və mütləq də yazılacaqdır.
Mən bir də ona görə xoşbəxtəm ki, hələ onun sağlığında, 1995-ci ildə ümummilli liderimiz Heydər Əliyev haqqında ilk kitablardan birini – “Heydər Əliyev və Azərbaycan dili” kitabını yazmışam. “Hər bir xalqın milliliyini, mənəvi dəyərini yaşadan, inkişaf etdirən onun dilidir” deyən Heydər Əliyevə olan mənəvi borcum məni həmin kitabı yazmağa vadar etdi. Onun ana dilimizə çox yüksək dəyər verməsi, Azərbaycan dövlətçiliyinin qurucusu və memarı olması məni biganə qoymadı. Türkiyədə, İranda, Rusiyada Heydər Əliyevlə bağlı məqalələr, kitablar yazıb nəşr etdirdim. Mən 1969-cu ildən bu yana onun bütün çıxışlarını ardıcıllıqla, diqqətlə izləmişəm. Bu böyük insanın siyasi məsləkdaşı olduğumdan onunla yaxından təmas, ünsiyyət də mənə qismət olub. Bir sıra xarici səfərlərdə onu müşayiət edənlər arasında olmuşam. Onun nitqinin gözəlliyinə, zənginliyinə, axıcılığına, səlisliyinə, sistemliyinə, ardıcıllığına, məntiqliyinə heyran olmuşam. Hər dəfə də bu nitqdə yeni-yeni çalarlar tapmışam. Heydər Əliyev hər zaman sırf ədəbi dildə danışır, natiqlik məharəti ilə də hər kəsi valeh edirdi.
Heydər Əliyev xalqımızın danılmaz tarixidir. 1982-ci il noyabrın 23-də o, Sov.İKP MK Siyasi Bürosuna üzv seçildi, Moskvaya getdi, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini oldu. Ölkənin ən mühüm sahələrinə rəhbərlik etdi. Özünün güclü təsir qabiliyyəti ilə inkişafa təkan verdi.
Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyevin yekdil rəylə Prezident seçilməsi tamamilə qanunauyğun bir hal idi. Demokratiya və müstəqillik ideyalarına sadiq olan İlham Əliyev indi milli mənafeyimizi yüksək səviyyədə qoruyur. Bu gün Heydər Əliyev siyasətinin uğurlu davamını görmək nə qədər xoş və ürəkaçandır. Bəli, İlham Əliyev Prezident kimi elə ilk addımlarında sübut etdi ki, ona inanmaq, arxalanmaq, güvənmək olar. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Nizami müəllim. Elman Məmmədov.
E. Məmmədov. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bu gün dünyanın ən görkəmli tarixi şəxsiyyətlərindən biri olan ulu öndər Heydər Əliyev haqqında xatirələr danışılır. Onun həyat və fəaliyyəti haqqında söhbətlər gedir. Mən Heydər Əliyevin həyat və fəaliyyətinin Dağlıq Qarabağla bağlı bir neçə məqamını nəzərinizə çatdırmaq istəyirəm. 1967-ci ildə Dağlıq Qarabağda ermənilər tərəfindən üç azərbaycanlı yandırılaraq qətlə yetirilmişdi. Onda ulu öndər Heydər Əliyev Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsində işləyirdi. Heydər Əliyev Xankəndinə gəldi. Bir neçə gün orada qaldı. Qorxmazlıq, cəsarət, qətiyyət nümayiş etdirərək, yuxarıdan olan təzyiqlərə baxmayaraq, cinayətin törədilməsində əli olan xeyli sayda erməninin həbsinə nail oldu. O zaman ermənilər tərəfindən həyata keçirilməsi nəzərdə tutulan Dağlıq Qarabağ probleminin qarşısı alınmış oldu. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi ilk gündən Dağlıq Qarabağla çox ciddi maraqlanmağa başladı. Tez-tez oraya səfərlər etməyə, orada tədbirlər keçirməyə başladı.
Bir məqamı da diqqətinizə çatdırmaq istəyirəm. Heydər Əliyev Dağlıq Qarabağa gələndə, adətən, birbaşa Şuşa şəhərinə keçib gedirdi. Bununla o, ermənilərə xatırlatmaq istəyirdi ki, Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılanda ilk sənəddə onun mərkəzi Şuşa şəhəri elan olunubdur. Sonradan Stepan Şaumyanın, cəlladın adını daşıyan Stepanakerti mərkəz ediblər. Bir dəfə vilayət partiya komitəsinin plenum iclasında qətiyyətlə ermənilərə mövqeyini bildirərək demişdi: Burada bəzi danışıqlar gedir, mən bunları eşidirəm. Ancaq nəzərinizə çatdırıram, kimin xoşu gəlirsə, kim istəyirsə, Dağlıq Qarabağda yaşasın. Kim istəmirsə, yol açıqdır, çıxıb gedə bilər. Ermənilər Heydər Əliyevin bu qətiyyəti, əzəməti, kəskinliyi qarşısında, əlbəttə, məğlub oldular.
Heydər Əliyev hakimiyyətinin bütün dövrlərində, Azərbaycanda ikinci dəfə hakimiyyətə gələndən sonra da Dağlıq Qarabağ məsələsi ilə çox ciddi, diqqətlə məşğul olmuşdur. Onun qaçqınlara və məcburi köçkünlərə göstərdiyi diqqət və qayğı hamımızın gözü qarşısındadır. Xüsusən də Xocalı faciəsi ilə bağlı ulu öndər Heydər Əliyevin rəhbərliyi, göstərişi ilə bu faciə, soyqırımı haqqında Milli Məclisin qərarları bütün dünyaya yayıldı, tanıdıldı. Heydər Əliyevi Allah-taala dövlətçi yaratmışdır. Qətiyyətli, cəsarətli və nankorluğu, xəyanəti bağışlamayan Heydər Əliyev 1991-ci ildə Ali Sovetdə çıxış edəndə salınan hay-küy hamımızın yadındadır. Heydər Əliyev fasilə vaxtı foyedə dururdu, onun yanında Eldar İbrahimov, Arif Rəhimzadə, Allahverdi Həsənov dururdu. Heydər Əliyevin raykom katibi, nazir, icraiyyə komitəsinin sədri təyin etdiyi, çörək verdiyi, kişi etdiyi adamlar kənardan Heydər Əliyevə baxıb, başları ilə salam verir və ya vermirdilər. Bu, nankorluğun bir nəticəsi idi. Ulu öndər Heydər Əliyev, əlbəttə, bunların hamısını bilirdi. Mən istəyirəm, ulu öndərimizin bir sözünü deyəm. Heydər Əliyev həmişə çox sərt şəkildə deyirdi ki, mövqeyini bildir. Heydər Əliyev insanlarda mövqe bildirməyi, qətiyyətli olmağı qiymətləndirirdi. Mən çox təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, ulu öndər Heydər Əliyevin bu tövsiyələri bəzən bir çox adamlara ibrət olmur. Mövqe göstərmək əvəzinə bir balaca bərkə düşən kimi mövqesizlik göstərirlər. Yəni tərəf tutmurlar, bitərəf mövqedə qalmağı daha çox sevirlər. Heydər Əliyev…
Sədrlik edən. Elman müəllim, Siz çox təcrübəli deputatsınız, amma 5 dəqiqə bitdi. Astan Şahverdiyev.
A. Şahverdiyev. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bu gün, həqiqətən də, təntənəli bir iclasa yığışmışıq. Azərbaycan Respublikası Milli Məclisinin bu iclasını bütövlükdə ulu öndər Heydər Əliyevin anadan olmasının 85 illiyinə həsr etməsi millət vəkillərinin Heydər Əliyevi nə dərəcədə sevmələrini ifadə edir.
Bu gün təkcə bizim ölkədə yox, dünyanın azərbaycanlılar yaşayan ölkələrində də ulu öndərin ad gününü böyük fəxrlə qeyd edirlər. Mən obrazlı dildə desəm, Heydər Əliyev görkəmli siyasi və dövlət xadimi olmaqla bərabər, dahi bir şəxsiyyət, zülmət içində nura bənzəyən sadə bir insan, həqiqət carçısı idi. Bu gün ulu öndəri biz böyük ehtiramla yad edir, ruhuna dualar oxuyur, Allah ona rəhmət etsin deyirik.
Azərbaycanda hakimiyyətdə olduğu 34 il ərzində Heydər Əliyevin xalqı qarşısında xidmətləri çox böyükdür. Bu, heç bir astronomik rəqəmlə hesablana bilməz. Ulu öndər ötən əsrin 70-ci illərində Azərbaycan KP Mərkəzi Komitəsinin birinci katibi işlədiyi dövrdə respublikada böyük quruculuq işləri aparmış, sənaye və digər sahələri inkişaf etdirmiş, beş yeni ali məktəb açdırmışdı. O vaxtlar ali məktəb yaratmaq o qədər də asan deyildi. Bu, birbaşa SSRİ Nazirlər Kabinetindən asılı məsələ idi. Heydər Əliyevin bu xidmətini Azərbaycan üçün böyük bir müvəffəqiyyət saymaq olar.
İkinci dəfə hakimiyyətə gələn Heydər Əliyevin Azərbaycan qarşısında ən böyük xidməti isə burada dövlətçiliyin əsasını qoyması oldu. Dövlətçiliyin möhkəmləndirilməsi, qorunması prinsipləri əldə rəhbər tutularaq, 1994-cü ildə “Əsrin müqaviləsi” neft kontraktı bağlandı. Bu, məhz onun beyninin məhsulu, uzaqgörənliyinin nəticəsi idi. XX əsrin əvvəllərində də Azərbaycandan Avropa ölkələri, xüsusilə İngiltərə və digər dövlətlər neft aparırdı. O zaman neftin nə xalqa, nə ölkəyə, nə də bölgəyə heç bir xeyri yox idi. Heydər Əliyevin bağladığı neft kontraktları isə Azərbaycana siyasi imiclə yanaşı, bu gün haqq-hesabı sonsuz olan bir maddi dividend də gətirmişdir. 1996-cı ildə ingilis və rus dillərində çıxan “Moskov nyus” qəzetinə verdiyi müsahibədə Heydər Əliyev uzaqgörənliyini bir daha sübut etmiş, İlham Əliyev haqqında səmimi sözlər demişdir. Onun bir ata, həm də böyük bir şəxsiyyət kimi “Azərbaycanda mənim oğlum kimi istedadlı adam azdır” fikri bu gün bir daha sübuta yetirildi.
Heydər Əliyev qaçqın və məcburi köçkünlərə böyük qayğı göstərən dövlət başçısı idi. Neft kontraktından ayrılan vəsait, yəni Dövlət Neft Fondu, bilirsiniz ki, çox ölkələrdə var. Həmin vəsaitdən müxtəlif məqsədlər üçün istifadə olunur. Bizdə Dövlət Neft Fondunun ilk gəlirləri məhz qaçqın və köçkünlərin sosial təminatının yaxşılaşmasına yönəldildi, onlar üçün yeni qəsəbələrin tikilməsinə sərf olundu. Bu gün bütün məcburi köçkün və qaçqınlar ulu öndəri dərin minnətdarlıq hissi ilə yad edirlər.
Heydər Əliyev ziyalı bir insan idi, elmə, təhsilə xüsusi diqqət yetirirdi. Vaxtilə Azərbaycanda çatışmayan ixtisaslar üzrə kənddə böyüyüb boya-başa çatmış minlərlə gəncin SSRİ-nin aparıcı ali məktəblərinə göndərilməsi respublikaya böyük fayda verirdi. O gənclərin əksəriyyəti qayıdıb gəlir, Azərbaycanın işlək sahələrində çalışırdılar. Onlardan mühüm dövlət vəzifələrində olanlar da var.
Mən bir daha, Oqtay müəllim, Sizə minnətdaram ki, belə bir təntənəli mərasimi təşkil etmisiniz. Bütün millət vəkillərinə də minnətdaram ki, burada iştirak edir, ürək sözlərini deyirlər. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Rafiq Məmmədhəsənov.
R. Məmmədhəsənov. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, xanımlar və cənablar! Bildiyiniz kimi, 2008-ci il mayın 10-da türk xalqının böyük oğlu, müasir Azərbaycan dövlətinin banisi və memarı Heydər Əliyevin anadan olmasının 85 ili tamam olur. Azərbaycan tarixinin 34 ili Heydər Əliyevin adı ilə bağlıdır. O, 1969-cu ildə Azərbaycan KP Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə seçiləndə respublika geridə qalmış və iqtisadiyyatı dağılmış vəziyyətdə idi. Heydər Əliyevin idarəçilik istedadı, tükənməz enerjisi, işgüzarlığı, qətiyyəti və prinsipiallığı nəticəsində Azərbaycan qısa bir vaxt ərzində Sovetlər İttifaqının ən öncül respublikasına çevrildi və 14 il dalbadal Sovet İttifaqının Keçici Qırmızı Bayrağına layiq görüldü. Bu illər ərzində respublikada tikilən bir çox irimiqyaslı zavodlar, fabriklər, yaşayış evləri, xəstəxanalar, tibb mərkəzləri, təhsil müəssisələri xalqın rifahını yüksəltməyə xidmət edirdi.
Azərbaycanda neft sənayesinin inkişafı, bu gün də, gələcəkdə də xalqın iqtisadi və sosial həyatında mühüm rol oynayan, onun milli sərvəti olan neft və qaz hasilatının artırılması, onların ixracı kimi mühüm problemlərin həlli Heydər Əliyevin adı və beynəlxalq nüfuzu ilə bağlıdır. “Əsrin müqaviləsi” Azərbaycanın dövlət müstəqilliyini, xalqın öz taleyini həll etdiyini göstərməklə yanaşı, ölkəmizin dünya iqtisadiyyatına qovuşmağında da həlledici rol oynamışdır.
Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Bakı–Tbilisi–Ceyhan neft boru ixrac kəmərinin istismara verilməsi Azərbaycan iqtisadiyyatını xeyli dərəcədə gücləndirmişdir. Kəmərin təməlinin qoyulması mərasimindəki çıxışında Heydər Əliyev uzaqgörənliklə demişdir: “Bakı–Tbilisi–Ceyhan çox böyük iqtisadi xarakter daşıyır, amma təkcə iqtisadi deyil, hesab edirəm ki, siyasi xarakter də daşıyır. Bu layihə Qafqaz bölgəsində sülhün, əmin-amanlığın, təhlükəsizliyin təminatçısı ola bilər. Bu boru xətti Azərbaycanı, Gürcüstanı, Türkiyəni bir-biri ilə daha sıx birləşdirəcəkdir”.
Ulu öndər Heydər Əliyevin dünyada tanınmış dövlət xadimlərinin bütün müsbət keyfiyyətlərini özündə birləşdirməsi çox maraqlıdır. Onda Ruzveltin siyasi yetkinliyi, Çörçilin ağıllı siyasəti, Atatürkün vətənə məhəbbəti, Şarl de Qollun milli ruhun dirçəlişi, Den Siyaopinin islahatçılıq stili kimi keyfiyyətlərin birliyi mövcud idi. Bu keyfiyyətlərə görə də Azərbaycan xalqının ona etibar etdiyi missiyanı olduqca çətin bir dövrdə ləyaqətlə yerinə yetirdi. Heydər Əliyevin Amerika Birləşmiş Ştatlarına rəsmi səfəri zamanı amerikalılar ona simvolik olaraq müasir Amerika Birləşmiş Ştatlarının əsasını qoyanlardan birinin – Avraam Linkolnun büstünü hədiyyə etmişlər. Həmin büstün altında bu sözlər yazılmışdır: “Avraam Linkoln olmasaydı, bugünkü Amerika Birləşmiş Ştatları olmazdı. Bu sözlər, elə bil ki, ümummilli liderimiz Heydər Əliyevə ünvanlanmışdır. 1993-cü ildən sonrakı illərdə ölkəmizə Heydər Əliyev rəhbərlik etməsəydi, bugünkü müstəqil, suveren Azərbaycan dövləti də olmazdı.
Heydər Əliyev o qədər qüdrətli siyasi lider idi ki, hətta onun düşmənləri belə onun böyük siyasi dövlət xadimi olduğunu etiraf edirdilər. Azərbaycan xalqına 20 Yanvar faciəsi üz verəndə Heydər Əliyev Moskvada çətin şəraitdə ilk dəfə olaraq öz etiraz səsini ucaltmış və dünyanı bu faciədən xəbərdar etmişdir.
1993-cü ildə respublikamızı vətəndaş müharibəsinin dalğaları bürüdüyü zaman və respublikanın parçalanmaq təhlükəsi yarananda Heydər Əliyev xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtdı və respublikanı parçalanmaqdan xilas etdi. Tarixi təcrübə sübut edir ki, yalnız güclü siyasi lider yetişdirən xalq öz milli sərvətlərinə sahib ola bilir. “Əsrin müqaviləsi” imzalanarkən Heydər Əliyev demişdir: “Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikasının suveren hüquqlarının bərqərar olduğunu, Azərbaycanın öz sərvətlərinə özünün sahib olduğunu dünyaya bir daha nümayiş etdirdik”. Qeyd etmək lazımdır ki, hazırda Azərbaycanda aparılan siyasi, iqtisadi, sosial, hüquqi islahatlar bir daha təsdiqləyir ki, ulu öndər Heydər Əliyevin siyasi xətti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. Ona bu çətin və şərəfli işində uğurlar diləyirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Hadi Rəcəbli.
H. Rəcəbli. Təşəkkür edirəm, cənab Sədr. Bu gün bütün Azərbaycan bayram əhvali-ruhiyyəsi içərisindədir. Azərbaycan xalqı bu dahi şəxsiyyəti bəxş edən Ulu Tanrıya üz tutub dualar oxuyur.
Azərbaycanın intibah tarixinin 40 ilə yaxın dövrü ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi altında keçmişdir. Zaman bizi ulu öndərimizin fiziki yoxluğundan uzaqlaşdıra-uzaqlaşdıra bu böyük şəxsiyyətin əzəmətini, möhtəşəmliyini daha aydın, daha parlaq çalarlarla görməyə başlayırıq. Bizim yaşıdlarımızın böyük əksəriyyətinin taleyində, onların inkişafında, yetkinləşməsində, formalaşmasında ulu öndərimizin atalıq qayğısı, xüsusi diqqəti vardır.
Burada səslənən bütün fikirlərə, mən hiss edirəm ki, heç bir şey əlavə eləmək olmaz və bu fikirlərin hamısı ulu öndərimizin şəxsiyyətini, onun böyüklüyünü açmağa xidmət edir. Mən özümün bəzi müşahidələrimə, özümlə bağlı məsələlərə əsaslanıb ulu öndərimizin şəxsi keyfiyyətləri barədə fikirlərimi qeyd eləmək istəyirəm. Birinci onu qeyd eləmək istəyirəm ki, Heydər Əliyev əsil azərbaycanlı idi. O, Azərbaycanı bütöv görmək istədiyinə görə Azərbaycan dilinin rəsmi dövlət dili olmasını Konstitusiyada təsbit etdi. Azərbaycanda separatçılığa “yox” dedi, onu aradan qaldırdı.
Ulu öndərimiz hakimiyyət ustası idi. Parlamentarizmin Azərbaycanda bünövrəsini qoydu, Konstitusiya yaratdı, hakimiyyətin üç qolunu həmin sənəddə təsbit etdi.
Ulu öndərimiz mütəşəkkil rəhbər idi. Xalqımız onun səfərbər etmək bacarığını 1993-cü ildə də gördü. Onun bir çağırışına milyonlarla adam yığılırdı.
Ulu öndərimiz tələbkar və qayğıkeş müəllim idi. Bizim hər birimiz onun tələbkarlığı ilə ərsəyə çatmışıq. Yaxşı yadımdadır, ulu öndərimiz Azərbaycanın Mərkəzi Komitəsinə rəhbərlik edəndə Moskvaya dəvət almışdı. Həmin ərəfədə Mərkəzi Komitənin Aparatında işləyən 11 nəfər təlimatçıya, inspektora mənzil verdi. Bu, onun qayğıkeşliyinin bir əyani sübutu idi.
Ulu öndərimiz fenomenal lider idi. Lissabon sammitində dünya siyasətçiləri qarşısında çox cəsarətli və çox önəmli bir addım atdı. O, sübut etdi ki, həqiqətən, fenomenal liderdir. Ulu öndərimiz humanist insan idi. Onun 30-a yaxın əfv fərmanından hamımızın xəbəri var. Ölüm hökmünü ləğv eləməyini bütün dünya bilir. Heydər Əliyev ülvi məhəbbət sahibi idi. Onun xanımına, ailəsinə, vətəninə, torpağına məhəbbəti hamımız üçün örnəkdir, nümunədir.
Mənə qismət olub ki, ulu öndərimizlə Kəbə evini ziyarət edim. Heydər Əliyevin böyük iman sahibi olduğunu orada gözlərimlə gördüm. Kəbə evinin içərisində əllərini Allahın dərgahına uzadaraq ondan xalqını Qarabağ bəlasından qurtarmağa imdad diləyirdi. O bununla böyüklüyünü, Allaha inamını, saf mənəviyyatını bir daha sübut etdi. Ulu öndərimiz qalib siyasətçi idi. Ataların belə bir məsəli var: “İgid odur atdan düşə atlana, igid odur hər əzaba qatlana”. Ulu öndərimiz belə bir igid olduğundan qalib də gəldi.
Allah da ulu öndərimizi sevirdi. Mən deyərdim ki, o, çox qəribə bir tale yaşadı. Onun doğum günü ilə, ölüm günü arasında 6 ay müddət var. Biz ildə iki dəfə bu böyük şəxsiyyəti ellikcə anırıq. Mən sonda ulu öndərimizin xarizmasından danışmaq istəyirəm. Bu, bütün dünyada qəbul olunmuş xarizmadır. Bu gün sevindirici hal nədir? Yeni bir şöhrətli lider yetişir. Cənab İlham Əliyevin xarizması artıq özünü sübut edib, doğruldubdur. Bu, gendə var. Ulu öndərimizin siyasi kursu uzunömürlüdür, əbədidir. Onu bu gün cənab İlham Əliyev yaşadır. Mən çıxışımı məşhur qırğız yazıçısı Çingiz Aytmatovun bir fikri ilə bitirmək istəyirəm. O, deyib: “İlham Əliyev qloballaşan dünyamızın müasir lider etalonudur”. Hamınızı lider atanın lider övladı ətrafında birləşməyə, bu seçkilərdə uğur qazanmağa çağırıram. Sağ olun.
Sədrlik edən. Sağ olun, Hadi müəllim. Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Oqtay müəllim, ilk öncə mən də Sizinlə narahatlığımı bölüşürəm. Doğrudan da, zalda cəmi 40 nəfər millət vəkili iştirak edir. Bu, mənim qənaətimcə qəbulolunmazdır. Burada olmayan millət vəkilləri düşünməsinlər ki, onların məni dinləməmələrindən narahatam. Xeyr, belə deyil. Burada tarix yaşanır, Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətləri anılır.
Heydər Əliyev Azərbaycanın tanınmış dövlət xadimidir. Hesab edirəm ki, o, Azərbaycan tarixində müsbət bir tarixi şəxsiyyət kimi qalacaq. Heydər Əliyev Azərbaycanın ağır günlərində ölkənin rəhbərliyinə gəldi.
Mən bir dəfə rəhmətlik Əbülfəz bəydən soruşdum ki, bizim bəzi silahdaşlarımız sizin Heydər Əliyevi Bakıya dəvət eləməyinizi Gəncədə baş verən qiyamla bağlayırdılar. Guya Heydər Əliyev o qiyamın arxasında dururdu. Bu, həqiqətən, belədir?
O, güldü, dedi ki, bu, boş söhbətdir. Birinci, bu sözü deyən adamlar məndən qabaq özləri qaçıb daxili işlər naziri Abdulla Allahverdiyevin otağından, məndən xəbərsiz, Heydər Əliyevə zəng çalmış, onu Bakıya dəvət eləmişdilər. İkinci, mən bilirdim ki, həmin qarışıq dönəmdə Azərbaycanı yalnız bir nəfər, yəni Heydər Əliyev idarə eləyə bilər. Ona görə Heydər Əliyevi dəvət elədim. Hətta mən belə eləməsəydim, başqa vəziyyət alına bilərdi, çünki o dövrdə Surət Hüseynov, Rəhim Qazıyev, Ayaz Mütəllibov var idi, onlar prezidentliyə gəlmək istəyirdilər. Onların hər biri Azərbaycanda bu dövləti 6 aydan artıq idarə eləyə bilməyəcəkdi, bir-birini əvəz eləyəcəkdilər. Ona görə mən Heydər Əliyevin arxa sıradan bir az önə keçməsinə imkan yaratdım ki, Azərbaycan dağıdıcı proseslərdən xilas ola bilsin.
Mən soruşdum ki, Əbülfəz bəy, əgər bu, özümüzün dəvəti idisə, bəyanat verəydiniz, tərəfdarlarınızı çağıraydınız, Heydər Əliyevi müdafiə edəydiniz. Onda niyə müxalifətdə qaldınız və niyə istefa vermədiniz?
Dedi ki, mənim istefa verməməyimin səbəbi Heydər Əliyevi həm Rusiyanın, həm də İranın təzyiqlərindən qorumaq idi. Qonşularımız görürdülər ki, millətçi bir şəxs oturub Kələkidə, deyir ki, Prezident mənəm. Azərbaycan dövlətçiliyinin o dövrdə qalması, yaşaması üçün həm də bizə bir milli müxalifət lazım idi ki, sabah siyasi hakimiyyətə gəlmək üçün dövləti satmağa hazır olmasınlar. Yəni bu gün bunları qeyd eləməyi özümə borc hesab elədim.
Heydər Əliyev cəsarətli bir siyasətçi idi. İstər onun 20 Yanvar qırğınından sonra Moskvada verdiyi bəyanat, istərsə də o faciədən sonra Kommunist Partiyası üzvlüyündən imtina etməsi bunu təsdiq edir. Emosional vəziyyətdə partbiletlərini atmış bir çox üzvlər, − bizim Bakı Dövlət Universitetində də bu proseslər davam edirdi, Ziyafət müəllim də bunu, yəqin ki, xatırlayır, – sonradan pul verib partbiletlərini geri alırdılar. Heydər Əliyev o zaman Kommunist Partiyasının sıralarından imtina eləyəndə bilirdi ki, bir tarixi şərait yaranıb ki, artıq Azərbaycan öz müstəqilliyini yenidən əldə eləyə bilər. O, bütün gücü ilə buna çalışırdı.
Heydər Əliyev yeganə şəxs idi ki, onu müdafiə eləyən Yeni Azərbaycan Partiyasının üzvləri ilə birlikdə o zaman SSRİ-nin saxlanılması ilə bağlı Mütəllibov referendum keçirmək barədə Milli Məclisdə məsələ müzakirə edəndə demokratik blokla birlikdə bunun əleyhinə səs verdi, Azərbaycanın Dövlət bayrağını qaldırdı. Heydər Əliyev həm də o baxımdan təcrübəli idi ki, o günlərdə gedən prosesləri çox düzgün görür və qiymətləndirirdi. O bilirdi ki, dünyada ikili standart siyasəti hökm sürür və hansı məsələlərdə beynəlxalq birliyə qarşı dayanmaq, hansı məsələlərdə dövlətin mənafeyi naminə güzəştə getmək lazımdır.
Bu gün çox dəyərli bir kitabın da təqdimatı oldu. Bu kitabı vərəqləyərkən orada bir sənədlə rastlaşdım. 3 sentyabr 1993-cü ildə Heydər Əliyev bizim Milli Məclisin bir qərarını imzalayıb. Kəlbəcərdə dinc sakinlərin öldürülməsində, qətlində iştirak eləmiş altı rus hərbçisi Rusiyanın bir növ xahişi və tələbi ilə Milli Məclisin qərarı ilə azad olundu. O bilirdi ki, altı qatilə görə yaxın qonşumuz olan Rusiya ilə münasibətləri korlamaq olmaz. Yaxud Amerika konqresmenləri ona müraciət eləyib, hansısa məhbusun azad olunmasını tələb eləyəndə, o yenə belə bir addımı atmağı düzgün saydı, çünki bilirdi ki, dünyanın siyasətini müəyyənləşdirən böyük dövlətlərlə münasibətləri həmişə pozmaq olmaz. Heydər Əliyev Qarabağ məsələsi ilə bağlı danışıqlarda, mən xatırlayıram, Amerika dövlət katibinin yanında çox ciddi və sərt bəyanatla çıxış elədi, çünki bilirdi ki, bu məsələdə güzəştə getmək olmaz. Bu baxımdan Heydər Əliyevdən onun tərəfdarlarının çox şey öyrənməsinə ehtiyac var. Ona görə mən Heydər Əliyevə Allahdan qəni-qəni rəhmət diləyirəm.
Sədrlik edən. Sağ olun. Fəttah Heydərov.
F. Heydərov. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Bu gün, doğrudan da, xalqımızın böyük oğlu, türk dünyasının, millətimizin ümummilli lideri Heydər Əliyev haqqında danışılan xatirələrin, onun keyfiyyətləri haqqında fikirlərin, müqayisələrin hamısında çox böyük və danılmaz həqiqətlər vardır. Bunları demək, əslində, bir günün, bir ayın, bir həftənin söhbəti deyil. Mən burada oturub bir şeyi fikirləşirəm ki, hansı liderə ötən XX əsrdə və bugünkü günümüzdə nəsib olub ki, onun xatirəsi ölümündən 5 il sonra təkcə öz yurdunda, öz doğma vətənində, özünün rəhbərlik etdiyi insanlar arasında deyil, dünyanın hər yerində qeyd olunsun. Bunun səbəbi nədir? Bunu fikirləşəndə bir həqiqət göz önündə canlanır.
Qadir Allah həmişə yaratdığı insanlara müəyyən keyfiyyətlər bəxş edir. Allah Heydər Əliyevə də elə bir işıq, elə bir nur bəxş eləmişdi ki, onun ziyası bizim günlərimizə qədər gələn simasında bərq vurur, insanlara daim sakitlik, rahatçılıq, xoşbəxtlik, firavanlıq bağışlayırdı. Heydər Əliyevin bu xüsusiyyətləri hələ gənclik illərindən özünü göstərmişdir. Onunla uzun zaman dostluq eləyən, bir yerdə yaşayan, işləyən insanların xatirindədir, mən bu böyük düha ilə tez-tez görüşüb, söhbət eləmək xoşbəxtliyinə nail olmuşam. Bundan sonra da onu tanıdığım zaman kəsiyində ömrümün, demək olar ki, 40 ilindən çoxunu Heydər Əliyevin rəhbərliyi altında işləmişəm. Mən bu xüsusiyyəti onda görmüşəm.
Heydər Əliyev Azərbaycan üçün, xalqımız üçün, millətimiz üçün ürəyindən nə keçibsə, yalnız və yalnız o nurun, ondan gələn təsirin hesabına müvəffəqiyyətlə həyata keçiribdir.
Heydər Əliyev Azərbaycanda müstəqil dövlət qurdu və onu xalqına, dövlətinə bəxş elədi. Heydər Əliyev bu dövləti qorumaq yolunda bütün canını, qanını əsirgəmədi, ancaq bununla kifayətlənmədi də, qurduğu dövləti özünün inandığı, xəttini davam etdirə bildiyi oğluna həvalə elədi. Bu gün Azərbaycanın hər hansı bir yerində bir uğur qazanılırsa, bir ağac əkilirsə, bir bina tikilirsə, orada Heydər Əliyevin adı var, işığı var, ruhu var. Onun ruhu bizim xoş əməllərimizdə yaşayacaqdır, ideyaları, fikirləri hörmətli Prezidentimizin və hamımıza əmanət edib getdiyi İlham Əliyevin həyat və fəaliyyətində öz ifadəsini tapacaq və bununla dövlətimizin də uğurları davam edəcək. Allah ulu öndərə rəhmət eləsin! O, həmişə bizimlədir, onun ruhu həmişə Azərbaycan xalqının başı üzərindədir. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun, Fəttah müəllim. Fəzail İbrahimli.
F. İbrahimli. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Bu yubiley günündə kifayət qədər sözlər deyilir, fikir və mülahizələr söylənilir. Sözün qüdrəti onun istinad nöqtəsindədir. Əgər söz siyasətə söykənirsə, onun içərisində məqsəd, niyyət var. Bu məqsəd və niyyət varsa, demək, bu, siyasətdir. Siyasət də sanki balıqçının işinə bənzəyir. Balıqçı dənizin qırağında ac balıqları yedizdirmək üçün yox, onun burnuna suya atdığı tilovun qarmağını keçirmək üçündür. Söz tarixə, həqiqətə, obyektivliyə söykənirsə, onun içində qüdrət var, səmimiyyət var, həqiqət var. Mən istərdim fikirlərimdə tarixə söykənib bir neçə məqamı sizinlə bölüşüm.
Heydər Əliyev haqqında danışan zaman təkcə hər hansı bir lider haqqında danışmaq kifayət etmir. Bu, tariximizin 40 illik bir dövrü haqqında fikir yürütməkdir. 40 illik bir tariximizdə iqtisadi-siyasi, mədəni, mənəvi nə varsa, hamısı Heydər Əliyevin adı ilə bağlıdır. Bu məsuliyyəti dərk edib, sonra fikir söyləmək lazımdır.
İkinci, Heydər Əliyev haqqında danışan zaman hələ ötən əsrin 20-ci illərində sovet hakimiyyəti qurulanda “Müsəlman yaxşı kommunist ola bilər, lakin ona etibar etmək olmaz, çünki onun içərisində bir müsəlmançılıq var” kimi bir siyasi sipər vardı. Bu siyasi sipər 1920-ci ildən sovet hakimiyyəti dağılana qədər bütün siyasi liderləri qarabaqara izlədi. Nəriman Nərimanovun, Mircəfər Bağırovun faciəsi məhz bu siyasi xəttin nəticəsi idi. Məhz Heydər Əliyevin gücü, qüdrəti bu siyasi sipəri qıra bildi. 1930-cu illərdən bəri ilk dəfə Dövlət Təhlükəsizlik Komitəsinin sədrliyində azərbaycanlının olması bu siyasi sipəri qırdı. Biz hamımız yaxşı bilirik ki, millətin, dövlətin, xalqın taleyi məhz o idarədə gedən siyasi proseslərdən, orada verilən xeyir-dualardan, orada çəkilən imzalardan asılı idi. Millətin taleyi millətin özündən olan bir türk övladına, onun imzasına etibar edildi. Bu idi Heydər Əliyevin böyüklüyü! Çox təəssüf ki, bəzi yazılarda bu cəhət xüsusi diqqətə çəkilmir.
İkinci, biz bilirik ki, Stalinin ölümündən sonra Siyasi Büroda qeyri-leqal formada qəti qərar qəbul edildi ki, slavyan olmayan Siyasi Büroya gəlib çıxa bilməz. Məhz siyasi elitada olan 5 nəfərdən biri Heydər Əliyev idi. İkinci dəfə hətta Siyasi Büro səviyyəsində siyasi sipərin qırılması məhz Heydər Əliyevin xidməti sayəsində oldu. Məhz bu mənada onun şəxsiyyətinə məhz belə müstəvidən, yəni xalqın tarixi taleyində dəst-xəti olan bir insan kimi yanaşmaq lazımdır.
Bəzən Heydər Əliyev haqqında məqalələr siyasi məqsədlə yazılır. Bunları diqqətlə oxuyanda niyyət və məqsəd məlum olur. Ancaq Heydər Əliyev şəxsiyyəti elə böyükdür ki, siyasi məqsədi əridir, heçə döndərir və müəllifin yazısında əsas qəhrəman Heydər Əliyev olduğu üçün o əsər görünə bilir. Baxırsan, çox səmimi yazıb, istədiyini deyib, ancaq o zəif yazı məhz Heydər Əliyevin timsalında böyük məzmun qazanır. Mən arzu edərdim ki, Heydər Əliyev haqqında Azərbaycanın tarixini bilən, xalqını sevən, siyasi mövqedən uzaq, yazmaq qabiliyyəti, xüsusi düşüncəsi olan adamlar daha çox danışsınlar və yazsınlar. Yəni buna daha çox mənəvi haqqı olan adamlar əllərinə qələm alsınlar. Bizim hər birimiz Azərbaycan xalqının övladı kimi Heydər Əliyevlə bağlı 40 illik tariximizə məhz bu müstəvidən yanaşıb hərəkət etməliyik. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Azay Quliyev.
A. Quliyev. Sağ olun, cənab Sədr. Xalqımızın ümummilli lideri Heydər Əliyevin xilaskarlıq missiyası, müstəqilliyimizi bərqərar etməsi və qoruyub saxlaması, milli kimliyimizi və milli məfkurəmizi aşınmadan qurtarması haqqında deyilən həqiqətləri mən də bir daha qeyd edirəm. Bununla yanaşı, indiyə kimi vətəndaş cəmiyyətinin qurucusu kimi ulu öndərin gördüyü işlər və həyata keçirdiyi tədbirlər haqqında bir neçə kəlmə demək istəyirəm.
Ölkədə həyati əhəmiyyətə malik olan ictimai-siyasi sabitlik bərqərar edildikdən sonra 1995-ci ildə Heydər Əliyevin rəhbərliyi ilə hər kəsin başqaları ilə birləşmək, hər kəsin istənilən bir iş, o cümlədən siyasi partiya, həmkarlar ittifaqı və digər ictimai birlik yaratmaq, mövcud birliyə daxil olmaq hüququnu özündə əks etdirən və həmin birliklərin sərbəst fəaliyyətinə tam təminat verən yeni Konstitusiya qəbul edildi. Bundan ruhlanan vətəndaşlar qısa müddət ərzində yüzlərlə ictimai birlik yaradaraq ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməyə başladılar. Heydər Əliyev vətəndaş cəmiyyəti quruculuğu istiqamətində gördüyü işləri yerli səviyyədə məhdudlaşdırmadı, bu prosesə nüfuzlu beynəlxalq təşkilatları da cəlb etdi. 1997-ci ildə ulu öndərin birbaşa təşəbbüsü ilə “Azərbaycan Hökuməti ilə BMT-nin İnkişaf Proqramı arasında Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının İnstitusional İnkişafı və Vətəndaş Cəmiyyəti Quruculuğuna kömək” adlı birgə layihə haqqında Saziş imzalandı. Bu Sazişə əsasən 1998-ci ildə BMT-nin İnkişaf Proqramının QHT-lərlə iş üzrə respublika təlim mərkəzi yaradıldı və bu mərkəz QHT sektorunun sonrakı inkişafında ciddi amilə çevrildi. Şübhəsiz ki, o dövrün şərtlərinə görə bu, ən qətiyyətli addım idi. O zaman keçmiş sovet dövlətlərindən heç biri hələ buna cəsarət etməmişdi. Bu, ulu öndərimizin vətəndaş cəmiyyətinin inkişafına verdiyi ən böyük töhfələrdən biridir. Vətəndaş cəmiyyətinin institutları tezliklə ulu öndərin atdığı bu addımların bəhrəsini gördü, QHT-lərin institusional inkişafı sahəsində beynəlxalq təcrübə Azərbaycanda da tətbiq edilməyə başladı.
Elə burada ulu öndər Heydər Əliyevlə bağlı bir xatirəmi də qeyd etmək istərdim. Düz 10 il bundan əvvəl gənclər təşkilatları milli şurasının rəhbərliyi ilə bir qrup gənc 1998-ci ilin may ayının ilk günlərində 75 illik yubileyi ərəfəsində Heydər Əliyevdən xahiş etdi ki, onları qəbul etsin. Görüş haqqında məlumatı olan və yaxından tanıdığım Baxşəliyev adlı bir gənc heykəltəraş mənə ulu öndərin büstünü hazırladığını dedi və xahiş etdi ki, əgər mümkün olsa, onu Heydər Əliyevə təqdim edim. Açığı, əvvəl bunu etməyin mümkün olmadığını dedim. Sonra belə qərara gəldik ki, buna bir cəhd edək. Görüş zamanı ulu öndəri həm təbrik etdik, həm də gördüyümüz işlər haqqında qısa məlumat verdik. Sonra mən özümü bir qədər toplayıb ona yaxınlaşdım və büstü təqdim etdim. Götürmədi, dedi ki, bu barədə dəfələrlə təkliflər olsa da, heç bir vaxt razı olmamışam ki, sağlığımda büstümü yaratsınlar və ya heykəlimi qoysunlar. Düşünürəm ki, bunu gələcək nəslin öhdəsinə buraxsaq, yaxşı olar. Mən belə şeyləri bəyənmirəm.
Bir anlığa tutuldum, sonra cəsarətimi topladım və dedim ki, bu, dahi bir insana böyük sevginin təzahürü kimi bir gənc tərəfindən hazırlanıb. O, özünəməxsus təbəssümlə “başa düşürəm, gənc rəssama da təşəkkür edirəm” deyib vəziyyəti yumşaltdı. Anladıq ki, xətrimizə dəymək istəmədi, amma sözünü də dedi. Böyük şəxsiyyətlər və dahi insanlar, həqiqətən də, təvazökar olurlar. Bu hərəkəti ilə o, həm də özünü bizə nümunə göstərdi. Yəni ən uca zirvələri fəth etsəniz belə, təvazökar olun.
Ulu öndər Heydər Əliyevin vətəndaş cəmiyyəti quruculuğunda qeyri-hökumət təşkilatlarına verdiyi böyük dəstəyin icra edilməsi haqqında da danışmaq istərdim. Bildiyiniz kimi, 1990-cı illərdə “Qeyri-Hökumət Təşkilatları” ifadəsi bəzi hökumət rəsmiləri tərəfindən mənfi qarşılanırdı. Onlar müxalif qurum, qantökmə təşkilatları kimi qəbul edilirdi və bu səbəbdən tədbirlərimizdə iştirak etməkdən və hər hansı bir dəstək verməkdən imtina edirdilər.
Məhz belə bir ərəfədə ulu öndərin bilavasitə dəvəti ilə bir qrup QHT rəhbərləri 1999-cu ilin 17-19 noyabr tarixində keçirilən ATƏT-in İstanbul Sammitinə dəvət edildi. Bundan sonra Prezident Aparatında keçirilən müşavirədə ulu öndər bizə də söz verdi. Müşavirənin video yazısı AzTV ilə nümayiş etdirildi. Sonradan başa düşdük ki, Heydər Əliyev bu jestlə vətəndaş cəmiyyətinə və QHT-yə açıq dəstəyini bildirmək üçün cəmiyyətə və məmurlara özünəməxsus mesaj vermək istəmişdi. Heydər Əliyev istəyinə nail oldu. Bundan sonra bizim üzümüzə bağlanan qapılar açıldı. Qarşımızda fəaliyyət üçün yeni imkanlar yarandı. Ölkədə QHT sektoruna olan münasibət və yanaşma müsbət mənada xeyli dəyişdi.
Əlbəttə, Heydər Əliyevin vətəndaş cəmiyyəti quruculuğu sahəsində gördüyü işlər haqqında qısa zaman çərçivəsində tam məlumat vermək mümkün deyil . Milli inkişafımızın hər bir sahəsində olduğu kimi, vətəndaş cəmiyyətinin güclənməsi sahəsində də ulu öndər tərəfindən başlanan yol bu gün hörmətli prezidentimiz cənab İlham Əliyev tərəfindən yeni enerji ilə davam etdirilir. Vətəndaş cəmiyyətinin inkişafı üçün çox ciddi addımlar atılır və tarixi qərarlar qəbul edilir.
Ulu öndər ideyaları və arzuları günbəgün həyatda öz təsdiqini tapır. Onun şəxsi nümunəsi, vətənpərvərlik, zəngin dövlətçilik təcrübəsi hamımız üçün əsil örnəyə çevrilib. Onun yaratdığı, uzun illərin sınağından çıxmış dövlətçilik və həyat məktəbi isə hələ bundan sonra daha dərindən öyrəniləcək və araşdırılacaqdır. Ulu öndərin bizim üçün ərməğan etdiyi Azərbaycan adlı məmləkəti ...
Sədrlik edən. Çox sağ olun, Azay müəllim. Tahir Rzayev.
T. Rzayev. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Allah dünyanı və insanı yaratdığını qoruyub hiss etdiyinə görə müqəddəs bir vahiddir. Yaradılana arxa və kömək olan, həyat və fəaliyyətini ümumi vətən, xalq yolunda sərf edən, öz ideyaları, əməlləri ilə xalqın qəlbində yaşayanlar da müqəddəsləşirlər, əbədiyyətə qovuşurlar. Ümummilli liderimiz Heydər Əliyev də xalqı, vətəni üçün etdiyi xidmətlərə, qəlblərdə yaşadığına görə müqəddəsləşən, əbədiyyətə qovuşan bir insandır.
O, fəaliyyətə başladığı bütün illərdə, istər təhlükəsizlik orqanlarında işlədiyi, istərsə də rəhbərlikdə olduğu vaxtlarda neçə-neçə insana arxa, kömək olmuşdur, neçə insanı təqibdən, həbsdən qurtarmışdır. Hakimiyyətə gəldiyi illərdə, eyni zamanda, geridə qalmış bir respublikanı bu vəziyyətdən çıxarmış, yeni bir Azərbaycan, inkişaf edən bir respublika yaratmışdır. Azərbaycanı parçalanan, bölgələrə bölünən, vətəndaş müharibəsi ərəfəsində olan vaxtlarda təhlükədən, insanları bəlalardan qurtarmışdır. Biz Heydər Əliyevin fəaliyyəti ilə yaxından tanış olanda, bu fenomenal siyasətçinin fəaliyyətini geniş araşdırarkən bir sual qarşısında düşünməli oluruq. Biz belə bir nəticəyə gəlirik ki, Heydər Əliyev həmişə özünə qarşı tələbkar və məsuliyyətli olmuşdur. Belə bir nəticə çıxarırıq ki, o həmişə özünə sual vermişdir ki, mən kiməm, mən hansı xalqın övladıyam və mən nə üçün yaşayıb, işləyirəm? Sonralar o, xalqın milli liderinə çevriləndə və xalq ona dərindən inananda o, həmişə bizlərə də o sualı vermişdir: “Sən kimsən?” Biz kimik və biz vətən üçün, xalq üçün nə etməliyik? Bu suallar, əlbəttə, bizi daim düşündürməlidir.
Heydər Əliyev kiminsə diktəsi ilə siyasət aparan şəxsiyyət, kiminsə məsləhəti ilə işləyən rəhbər deyildi. O, dünyada baş verən hadisələri hərtərəfli təhlil edib nəticə çıxaran, düzgün qiymətləndirən bir siyasətçi, həm də dərin düşüncəyə, parlaq zəkaya, zəngin təcrübəyə, geniş dünyagörüşə malik bir rəhbər idi.
Heydər Əliyev humanizmi, mənəviyyatı, mədəniyyəti, sadəliyi bəşəriyyət üçün bir örnəkdir, insanlıq üçün nümunədir. Heydər Əliyev xalqımıza, ailəsinə, övladlarına, qadına, anaya münasibətdə ideal bir insan idi. O, sədaqətli oğul, vəfalı ər, qayğıkeş ata, ləyaqətli vətəndaş idi.
Bu gün biz Heydər Əliyevin 85 illiyini qeyd edirik. Hər birimizin qəlbində belə bir inam var ki, bir vaxt olacaq, Azərbaycan xalqı onun 850 illiyini, 8500 illiyini keçirəcəkdir. Sonralar nə qədər ki Azərbaycan xalqı olacaq, onun yubileyləri belə təntənə ilə, belə sədaqətlə, belə məhəbbətlə qeyd olunacaqdır. Allah ulu öndərə rəhmət etsin! Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Novruzəli Aslanov.
N. Aslanov. Təşəkkür edirəm, cənab Sədr. Mən fürsətdən istifadə edib bütün həmkarlarıma öz minnətdarlığımı bildirmək istəyirəm. Bugünkü iclas öz səmimiliyi ilə xüsusi olaraq fərqlənir. Burada səslənən bütün fikirlər, doğrudan da, ürəkdən gəlir. Bu iclasımızda ulu öndərin hər bir insanın, hər bir millət vəkilinin, hər bir azərbaycanlının həyatında xüsusi rol oynadığına, ümumiyyətlə, Azərbaycanın inkişafında müstəsna xidmətləri olduğuna görə çox müxtəlif və dəyərli fikirlər söylənildi.
Mən də öz növbəmdə bu insanın prezidenti olduğum Azərbaycan Qızıl Aypara Cəmiyyətinə olan münasibəti haqqında fikirlərimi söyləmək istəyirəm. 70 il Sovet hökumətinin tərkibində fəaliyyət göstərən Qızıl Aypara Cəmiyyəti, demək olar ki, tam hüquqsuz bir cəmiyyətə çevrilmişdi, çünki onda müstəqil deyildi. 1991-ci ildə Azərbaycan Respublikası öz müstəqilliyini qazanandan sonra bizim təşkilat da milli cəmiyyətimizdə öz fəaliyyətini müstəqil formada qurdu. Bu cəmiyyətin heç bir hüquqi bazası olmayanda, maliyyə imkanları sıfır dərəcəsinə enəndə məhz dövlətin buna qayğısı və münasibəti bariz nümunə kimi ortalığa qoyuldu. Mən keçən dəfə Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında qanun qəbul edilərkən bu fikirləri söyləmişdim, indi də söyləyirəm.
1994-cü ildə parlamentin bu binasında məhz bizim ulu öndərimizin tövsiyəsi nəticəsində Qızıl Aypara Cəmiyyəti dövlət tərəfindən rəsmən tanınmış və beynəlxalq aləmə inteqrasiya etmişdir. Məhz bundan sonra, 1995-ci ildə Qızıl Xaç və Aypara hərəkatının tərkib hissəsinə qəbul olunmuşdur. Bu addımla bağlı burada fikirlər söylənildi. Hətta deyildi ki, Heydər Əliyev həmişə qaçqın və köçkünün dostu olubdur. Bəli, bu belədir, çünki o vaxtlar bu addım atılmasaydı, milyona yaxın qaçqın və məcburi köçkün çox çətin bir vəziyyətdə qala bilərdi.
Məhz Qızıl Aypara Cəmiyyətinin Beynəlxalq Qızıl Xaç və Aypara Federasiyasının tərkib hissəsi olması ilə əlaqədar Azərbaycana humanitar yardımlar gəldi. O vaxtlar Biləsuvar, İmişli, Saatlı, Sabirabad zonalarında çadır şəhərcikləri quruldu. Orada yaşayan 50 minə yaxın insan hər ay mütəmadi olaraq ərzaqla təmin olunurdu və bu, 7 il ərzində davam etdi. O vaxt dövlət tərəfindən bu addım atılmasaydı, təbii ki, bizim qaçqın və məcburi köçkünlərimiz çox çətin vəziyyətlə üzləşə bilərdilər.
Mən bir məqamı da qeyd etmək istəyirəm. 2000-ci ildə Qızıl Aypara Cəmiyyətinin 85 illiyinə həsr olunmuş təntənəli yığıncağa ulu öndər Heydər Əliyev təbrik məktubu ünvanlamışdı. O məktubda qeyd edilirdi ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti öz şərəfli yolunu davam etdirərkən minlərlə insana, yaralılara, qocalara, xəstələrə yardım etmişdir. Ümid edir və inanıram ki, Qızıl Aypara Cəmiyyəti bundan sonra da bu şərəfli missiyasını ləyaqətlə həyata keçirəcəkdir.
Belə bir fəlsəfi fikir var ki, ölüm insan həyatının bir hissəsidir. Ona əsaslanaraq mən qeyd etmək istəyirəm ki, bu gün ulu öndərimizin ruhu bizimlədir. Onun bizə ünvanladığı məktuba cavab olaraq qeyd etmək istəyirəm ki, ulu öndərin arzuları həyata keçmişdir. Azərbaycan Qızıl Aypara Cəmiyyəti, doğrudan da, öz inkişaf dövrünü yaşayır. 2007-ci ilin 8 may tarixində parlament bu qanunu qəbul etdi. Ümummilli liderin oğlu, bizim Prezidentimiz cənab İlham Əliyev tərəfindən qanunun tətbiqinə imza atılmış, sənəd yekdilliklə qəbul olunmuşdur. “Qızıl Aypara Cəmiyyəti haqqında” Qanun artıq fəaliyyətdədir. 2008-ci il aprelin 8-də hörmətli Prezidentimiz Aypara gününü təsis etməklə, ulu öndərin siyasətini davam etdirmiş oldu və bununla bütün dünya birliyinə, ayparaçılara, bu hərəkata mənsub olan insanlara bir daha öz varlığını və Azərbaycanın gücünü göstərdi. Bugünkü imkanlar bizə şərait yaradacaq ki, dünyaya inteqrasiya edək və fəaliyyətimizi həmişə bu şəkildə davam etdirək.
Hörmətli xanımlar və cənablar, hörmətli millət vəkilləri! Doğrudan da, bu gün çox şərəfli, tarixi bir gün yaşayırıq. Mən fürsətdən istifadə edib bir daha deyirəm ki, ulu öndərin ruhu şad olsun. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Səttar Möhbalıyev, buyurun.
S. Möhbalıyev. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bu gün millət vəkilləri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev haqqında təəssüratlarını və düşüncələrini bizim nəzərimizə çatdırdılar. 1969-cu ildə Heydər Əliyev Azərbaycan Kommunist Partiyasının birinci katibi seçilən gündən Azərbaycan xalqının onu nə qədər sevdiyini bilirdi. Mənim yadıma gəlir ki, həmin dövrdə artıq hər bir azərbaycanlı maşınında cənab Heydər Əliyevin general formasında şəklini gəzdirirdi. Yəni həmin dövrdə Azərbaycan xalqının qəlbində Heydər Əliyev müstəsna yer tutmuşdu, hər bir azərbaycanlının evində onun şəkli var idi.
Cənab Heydər Əliyev birinci katib seçilən dövrdə Azərbaycan keçmiş sovet respublikaları arasında ən geridə qalmış respublika idi. Qısa müddət ərzində o, Azərbaycan Respublikasını istər kənd təsərrüfatı sahəsində, istərsə də sənayedə inkişaf etmiş respublikalar səviyyəsinə qaldırdı. Bundan əlavə o, abadlıq işlərinin vüsət almasına, yeni iş yerlərinin açılmasına, yeni zavodların tikilməsinə nail oldu. O nəyə görə bunları edirdi? Ona görə edirdi ki, gələcəkdə Azərbaycan müstəqil bir dövlət olacaqdı. Yəni əvvəlcədən onda belə bir uzaqgörənlik, əminlik var idi və o, Azərbaycanın iqtisadi potensialını genişləndirməyə çalışırdı.
Bilirsiniz ki, həmin dövrdə cənab Heydər Əliyev ordu quruculuğuna diqqəti artırırdı və fikirləşirdi ki, azərbaycanlılar orduda xidmət etməlidirlər. Həmin dövrdə Azərbaycanda Bakı ümumqoşun komandirləri məktəbi var idi. O çalışırdı ki, azərbaycanlılar hərbi təhsil alsınlar və onları digər respublikaların hərbi məktəblərinə göndərirdilər. Bu məsələ cənab Heydər Əliyevi ciddi narahat edirdi. Həmin dövrdə Cəmşid Naxçıvanski adına hərbi məktəb açıldı. Qeyd etmək lazımdır ki, o zaman keçmiş SSRİ-də bu tipli üç hərbi məktəb var idi. Naximov, Suvorov adına hərbi məktəblər və üçüncü məktəbi cənab Heydər Əliyev Azərbaycanda açdı. Bu böyük qələbə idi. Ulu öndər fikirləşirdi ki, azərbaycanlılar hərbin sirlərini öyrənməlidir və gələcəkdə Azərbaycan müstəqil dövlət olanda onun milli kadrları olmalıdır.
Nəhayət, Azərbaycan müstəqillik əldə edəndən sonra Heydər Əliyevin yetişdirdiyi, təhsil verdiyi həmin milli kadrlar Azərbaycan ordusunda, Azərbaycanın sərhədlərində sinələrini qabağa verdilər.
Dahi şəxsiyyət xalqın iradəsi ilə yenidən hakimiyyətə gələndən sonra yenidən Azərbaycanı parçalanmadan, vətəndaş müharibəsindən qurtardı. Həmin günlərdə o, tez-tez xarici dövlətlərə səfərlər edir, Azərbaycan həqiqətlərini dünya ölkələrinin, o cümlədən Avropa dövlətlərinin ictimaiyyətinin diqqətinə çatdırır, Azərbaycanın haqlı olduğunu, Azərbaycanın torpaqlarının zəbt edildiyini, milyondan artıq insanın qaçqın və köçkün həyatı sürdüyünü, Azərbaycanın haqq səsini dünyaya bəyan edirdi. Bütün bu səylər nəticəsində dünya dövlətləri Azərbaycan Respublikasının haqlı olduğunu gördü və torpaqlarımızın işğal altında olduğuna bir daha əmin oldular.
Eyni zamanda, Heydər Əliyev iqtisadiyyatı ardıcıl olaraq inkişaf etdirirdi. O, Əsrin müqaviləsinə imza atdı. Bayaq həmkarlarım qeyd etdilər ki, bu əfsanəvi bir layihədir. Heydər Əliyev İstanbulda onlara dedi ki, biz bu əfsanəni reallığa çevirəcəyik. Bu gün ulu öndərin təməlini qoyduğu neft strategiyası öz bəhrəsini verir. Qısa bir müddət ərzində kiçik büdcəsi olan bir respublikanın dövlət büdcəsi artıq 12 milyard dollara çatır. Bu gün təməli ulu öndər tərəfindən qoyulan yolu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev şərəf və ləyaqətlə davam etdirir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası III qurultayında gələcəkdə Prezident seçkilərində məhz onun namizədliyini dəstəkləmək barədə qərar qəbul edib.
Sədrlik edən. Sağ olun. Havva Məmmədova, buyurun.
H. Məmmədova. Təşəkkür edirəm, cənab Sədr. İstərdim ki, bu gün ulu öndər Heydər Əliyevin 85 illiyi münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin xüsusi iclasını təşkil etdiyinizə, Azərbaycan deputatlarına ürək sözlərini deməyə şərait yaratdığınıza görə Sizə bir daha təşəkkür edim.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bu gün bütün dünya azərbaycanlıları, bütün türk dünyası əlamətdar bir günü – xalqımızın böyük oğlu, ümummilli liderimiz Heydər Əliyevin 85 illiyini təntənəli şəkildə qeyd edir. Heydər Əliyev dünyaya adi bir insan kimi gəlsə də, özünün titanik ağlı, təfəkkürü, geniş fəaliyyəti, mübarizliyi, nəhəng iş qabiliyyəti, təcrübəsi, möhkəm iradəsi, təşkilatçılıq bacarığı ilə hamıdan fərqlənirdi. Ucaldı, yüksəldi, əlçatmaz və ünyetməz oldu. Bütün bu keyfiyyətlər dahi şəxsiyyətdə millilik, vətənpərvərlik və xalqsevərlik hissləri ilə vəhdət təşkil edirdi.
Deyirlər ki, böyük şəxsiyyətlər doğulmur, bəşəriyyətə bəxş olunur. Bu sözləri ulu öndər Heydər Əliyev haqqında da deyə bilərik. Cəsarətlə deyə bilərik ki, Heydər Əliyev təkcə Azərbaycana deyil, bütün bəşəriyyətə məxsusdur. Burada ölməz şairimiz Səməd Vurğunun dahiyanə sözləri yada düşür: “Böyük təbiətlər yaranır az-az, hər yerdə hər zaman inci tapılmaz”. Ulu öndərimiz də vətənimizin həqiqi incisi idi. Zamanın təkəri gələcəyə doğru irəlilədikcə həmin incinin qiyməti, həmin dühanın ucalığı daha aydın görünür. Çoxəsrlik tariximizin 34 illik dövrü böyük şəxsiyyətin, müdrik insanın adı ilə bağlıdır. Əlbəttə, həmin 34 il tariximizə qızıl hərflərlə yazılmışdır.
Cənab Sədr, məndən öncə çıxış edənlərin hamısı həmin 34 illik dövrü çox geniş təhlil etdilər. Ancaq mən istərdim ki, 1991-ci ildə Azərbaycan ikinci dəfə müstəqilliyini elan etdikdən sonra baş verən proseslərə qısa bir səyahət edəm. Həqiqətən, XX əsrdə Azərbaycanın ikinci dəfə öz müstəqilliyini elan etməsi böyük bir tarixi hadisə idi. Ancaq bildiyimiz kimi, ötən əsrin sonunda nankor qonşularımız olan ermənilərin işğalçılıq niyyəti müstəqilliyimizin ilk günündən xalqımız və vətənimiz üçün ağrılı oldu. Dəfələrlə tarixi təcrübə təsdiq etmişdir ki, müstəqillik qazanmaq nə qədər çətindirsə, qoruyub saxlamaq ondan da çətindir. Müstəqilliyin ilk illərində hakimiyyətə yiyələnən Mütəllibov və daha sonra Xalq Cəbhəsi – Müsavat birliyi idarəçilikdə naşı və bacarıqsız olduqlarını tezliklə göstərdilər.
Müstəqilliyimizin 1991–1993-cü illərini əhatə edən birinci mərhələsində Azərbaycanın suverenliyi təhlükə qarşısında qaldı. 1993-cü ilin iyununda xalqın təkidi və tələbi ilə Heydər Əliyev hakimiyyətə qayıtdı. Həmin dövrü bizim hamımız yaxşı xatırlayırıq. Ölkədə xaos, hərc-mərclik hökm sürürdü. Azərbaycan vətəndaş müharibəsi təhlükəsi qarşısında idi. Həmin ağrılı günlərdə Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldi. Onun qətiyyəti, cəsarəti, xalqa arxalanması, xalqı səfərbər etmək qabiliyyəti, dövlətçilik bacarığı, dərin zəkası nəticəsində az bir vaxt ərzində ölkədə sabitlik, xalqın birliyi və dövlətə inamı yarandı.
1993–1995-ci illər müstəqillik tariximizə bütün sahələr üzrə intensiv inkişafın möhkəm təməlini qoyan bir mərhələ kimi daxil olmuşdur. Müstəqil tariximizin ən məhsuldar dövrü 1996-cı ildən bu günə kimi davam edən üçüncü mərhələdən ibarətdir.
Hörmətli millət vəkilləri, Heydər Əliyevi yaxından tanıyanlar bilirdilər ki, onun ən böyük dərdi Qarabağ dərdi idi. Dağlıq Qarabağ məsələsində bu vətənpərvər insan əlindən gələni etmişdir. Qaçqınlıq dövrünün 20 ilinin 10 ilini Heydər Əliyevlə birlikdə yaşamışıq. O, qaçqın və məcburi köçkünlərə həmişə böyük diqqət və qayğı göstərmişdir. Çadır şəhərciklərin ləğv edilməsinə, qaçqın və məcburi köçkünlərin abad qəsəbələrə köçürülməsinə onun dövründə başlanılmış, sonrakı mərhələ isə möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata keçirilmişdir.
Bu gün Heydər Əliyevin əməlləri zamanın sınağından uğurla çıxmış və onun ölməz ideyaları yaşayır, bizi qələbədən-qələbəyə doğru aparır. Xalqımız fəxr edir ki, Heydər Əliyevin davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev onun siyasi kursunu inamla davam etdirir. Heydər Əliyev hər bir azərbaycanlının qəlbində əbədi yaşayacaqdır. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Gülhüseyn Əhmədov.
G. Əhmədov. Təşəkkür edirəm, cənab Sədr. Əlbəttə, ulu öndərin, xalqımızın dahi oğlu, mən deyərdim, ən böyük azərbaycanlı Heydər Əliyevin yubiley tədbirləri respublikamızın hər yerində yüksək əhvali-ruhiyyə ilə keçirilir. Eyni zamanda, Milli Məclisdə “Heydər Əliyev müasir Azərbaycan parlamentinin banisidir” kitabının təqdimatı və Heydər Əliyevin yubileyi ilə əlaqədar keçirdiyimiz tədbir onun ruhu qarşısında mənəvi borcumuzdur. Düzdür, 5 dəqiqə, 10 dəqiqə, günlərlə danışmaqla bu borcu yerinə yetirə bilmərik. Ona görə ki, o böyük şəxsiyyət idi. Bu şəxsiyyətin hər bir günü, hər bir saatı tarix idi.
Əlbəttə, mən hesab eləyirəm ki, milli tariximizdə özünəməxsus yer tutan, nadir şəxsiyyətlərdən olan Heydər Əliyev tarixçilər, filosoflar tərəfindən uzun müddət tədqiq olunacaq və gələcək nəslə böyük öndərin həyat və fəaliyyəti təfsilatı ilə açıqlanacaq, aşkarlanacaq.
Təbii ki, Heydər Əliyevin şəxsiyyəti, böyüklüyü 1970-ci illərdən Azərbaycanda başlayır. Daha dəqiq desək, Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbər təyin edildi. Burada oturan yoldaşların əksəriyyəti bilirlər, onda Azərbaycan çox ağır vəziyyətdə idi, SSRİ məkanında çox kasıb bir respublika idi. O zaman Azərbaycanın kənd təsərrüfatında çox böyük bir böhran var idi. Demək olar ki, Azərbaycanda kənd təsərrüfatının bütün sahələrində geriləmə var idi. İstər taxıl, istər pambıq, istər tütün, istərsə də digər sahələrdən 10-15 sentner məhsul əldə olunurdu ki, bu da xalqımızın yaşayış səviyyəsinin aşağı olduğunu göstərirdi.
Heydər Əliyevin böyüklüyü, dahiliyi onda oldu ki, Azərbaycanı həmin dövrdə çətin sınaqdan çıxardı və respublikada yüksəliş illəri, inkişaf başladı. Həmin dövrləri bugünkü müstəqilliyin təməli kimi dəyərləndiririk. Heydər Əliyevin böyüklüyü onda idi ki, Azərbaycanda sənaye obyektlərinin, emal sənayesi müəssisələrinin, ayrı-ayrı səhiyyə, təhsil ocaqlarının açılması bugünkü müstəqilliyimizin, demək olar, təməl daşını qoymuşdur.
Həmin dövrdə Heydər Əliyevin dövlət səviyyəsində idarəçilik qabiliyyətinin olduğunu onun Moskvaya irəli çəkilməsi bir daha sübut edir. Əfsuslar olsun ki, Heydər Əliyev Moskvada yüksək dövlət kürsüsündən uzaqlaşdırıldıqdan sonra bu sahədə çox böyük çətinliklər yarandı, Dağlıq Qarabağ problemi ortaya çıxdı. Dağlıq Qarabağ problemini yoldaşlar qeyd elədi.
1993-cü ildə Azərbaycanın dağılmaq təhlükəsi yarananda xalqın təkidi ilə Heydər Əliyev yenidən hakimiyyətə qayıtdı. Mən hesab eləyirəm ki, bugünkü müstəqilliyimizin banisi olan Heydər Əliyevin gördüyü ən böyük işlərdən biri də 12 may 1994-cü ildə atəşkəsin əldə olunmasıdır. Biz atəşkəs əldə etməsəydik, inanın ki, Azərbaycanı kənardan olan qüvvələr dağıdacaqdılar. Çalışırdılar ki, nəyin bahasına olursa-olsun Azərbaycanı dağıtsınlar. Heydər Əliyevin müdrikliyi, uzaqgörənliyi nəticəsində atəşkəs əldə olundu. Ondan sonra bizim iqtisadiyyatda tədricən dirçəlmə baş verdi və bu inkişaf xalqımızı inkişafa doğru apardı.
Heydər Əliyev kənd təsərrüfatı sahəsində aqrar islahatların həyata keçirilməsinin əsasını qoydu. İndi kənddə yaşayan camaat öz torpağının sahibidir. Bu da bizim üçün çox böyük irəliləyişdir. Hara getsə idi, Heydər Əliyev müəllimlə müəllim kimi, həkimlə həkim kimi, memarla memar kimi, köçkünlə köçkün kimi danışmağı bacarırdı. Bu da Heydər Əliyevin dahiliyindən, müdrikliyindən, uzaqgörənliyindən irəli gəlirdi.
Mən də fəxr edirəm ki, Heydər Əliyev kimi şəxsiyyətlə ünsiyyətdə olmuşam, onun göstərişlərini və tapşırıqlarını yerinə yetirmişəm, bilavasitə onun rəhbərlik etdiyi müşavirələrdə, konfranslarda iştirak etmişəm. Onun hər bir tapşırığı, hər bir tövsiyəsi bir tarix idi və heç zaman bizim yadımızdan çıxmayacaq. Əlbəttə, o, xalqı üçün, vətəni üçün, dövləti üçün yandı, yaratdı, şam kimi əridi. Bu şam artıq günəşə çevrilib, Azərbaycan xalqının üzərində daim yanır. Mən inanıram ki, bu günəşin işığında cənab İlham Əliyev Azərbaycanın davamlı inkişafına təminat verir. Qoy Heydər Əliyevin ruhu şad olsun, Allah ona rəhmət eləsin! Sağ olun.
Sədrlik edən. Sağ olun. Miri Qənbərov, buyurun.
M. Qənbərov. Sağ olun, Oqtay müəllim, minnətdaram. Mənə də dahi haqqında bəzi sözlərimi demək nəsib oldu. Mən deyərdim ki, XX əsrin ikinci yarısının ağır illərinin yükü məhz Heydər Əliyevin çiyinlərinə düşüb. 1950-ci illərdə respublikanın düşdüyü ağır vəziyyəti mənim yaşıdlarım bilir. 1950–1960-cı illərdə respublikada olan acınacaqlı durum hamıya məlumdur. Xüsusən 1960-cı illərdə respublika rəhbərləri arasında didişmələr, yazışmalar həddini aşmışdı. Kənd təsərrüfatı, sənaye müəssisələri və digər sahələr tamamilə yaddan çıxmışdı.
Qeyd etmək istəyirəm ki, o zaman mən kənd təsərrüfatı ilə əlaqədar işləyirdim, ona görə də bilirəm. Respublikada dekabrın 31-nə qədər pambıq yığılırdı, amma 200 min, 220 min tondan artıq məhsul götürülmürdü. Başqa sahələrdə də vəziyyət ağır idi. Bütün bunlar didişmələrin nəticəsi idi. Moskvadan bir neçə dəfə yoxlama göndərilmışdi. Axırda iş o yerə çatdı ki, Azərbaycan KP MK-nın məşhur avqust plenumu çağırıldı və məhz Heydər Əliyev Mərkəzi Komitənin birinci katibi təyin edildi. Təyin olunan gündən əsas istiqaməti götürdü. Birincisi, kənd təsərrüfatının inkişafı, şəhərlərin abadlaşdırılması, Bakıda tikintinin genişləndirilməsi və sair. Bundan sonra Azərbaycan hər il SSRİ-nin bayraqları ilə bəzədilirdi.
Mənim heç yadımdan çıxmaz, Sov.İKP MK-nın katibi Zemlyanin burada bayrağı təqdim eləyəndə əvvəlcə Əhmədli yaylasını gəzdi. Sonra sarayda dedi ki, Heydər Əliyev, Sizin bu Əhmədli yaylanız rus meşələrini xatırladır, yeni binalar tikilib. Bununla demək istəyirəm ki, o bütün problemləri tam aradan qaldırdı. Sonrakı illərdə də, yəni Prezident olduğu illərdə də quruculuq işlərini davam etdirdi. Məndən qabaq bunlar deyildi, təkrar eləməyə ehtiyac yoxdur. Demək istəyirəm ki, Heydər Əliyevi hansısa bir dövlətin rəhbəri ilə eyniləşdirmək düzgün olmaz. Çünki o, dahilərdən də dahidir.
Bir məsələni də qeyd etmək istəyirəm ki, De Qol rəhmətə gedəndə Pompedu onun qəbri üstündə Fransa xalqına müraciət edərək dedi ki, Fransa bundan sonra dul qaldı. Bu sözlər onun kitabında qeyd olunub. Mən çox fəxr eləyirəm ki, Heydər Əliyev ömrünün axırına qədər Azərbaycana xidmət etdi, ömrünün axırınadək Azərbaycan xalqını yiyəsiz qoymadı, bizi öz davamçısı İlham Əliyevə tapşırdı və rahat getdi. İlham Əliyevin son illərdə respublikanın bütün rayonlarında gördüyü işlər hamıya məlumdur. Təkcə Lerik rayonunda yolun çəkilişi, qaz xəttinin çəkilişi, bundan başqa, məktəblərin, o cümlədən internat məktəbin, həmçinin yeni xəstəxanaların tikintisi göz qabağındadır. Bu yeniliklər təkcə Lerikdə deyil, respublikanın digər rayon və qəsəbələrində özünü göstərir.
Ona görə də mən Lerik xalqı adından, şəxsən öz adımdan cənab Prezidentimizə can sağlığı diləyir və arzu edirəm ki, o həmişə ulu öndərin yolu ilə getsin. Eyni zamanda, Heydər Əliyevə rəhmət diləyirəm, Allah ona qəni-qəni rəhmət eləsin! Sağ olun.
Sədrlik edən. Sağ olun. Yəqin ki, Siz Lerik xalqı yox, Lerik camaatı demək istəyirdiniz. Qənirə Paşayeva, buyurun.
Q. Paşayeva. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Yaxşı bir fəlsəfi deyim var ki, insanın ölümü həyatdan köçdüyü gündən yox, unudulduğu gündən başlayır. O insanlar xoşbəxtdirlər və ölümsüzdürlər ki, onlar həyatdan köçsələr də, tarix boyunca həmin insanlardan həmişə danışırlar, onları unutmurlar, onların xeyirxah əməllərindən danışırlar. O əməllərindən ki, millət və dövlət naminə edilib. Bu baxımdan ümummilli liderimiz Heydər Əliyev elə xoşbəxt insanlardandır ki, illər keçdikcə millət tərəfindən daha çox sevilir, daha da qiymətləndirilir.
Tarixi hadisələrin baş verdiyi dövrlərdə daha obyektiv, daha ədalətli qiymət vermək çətindir. Bu baxımdan illər keçdikcə ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan milləti və dövləti qarşısında çox böyük xidmətlərini daha geniş şəkildə görə bilərik. Burada həmkarlarım dedi, sadəcə, son 15 ildə Azərbaycanın haradan haraya gəldiyinə qısa bir nəzər saldıqda ümummilli liderimizin böyüklüyünü hər kəs göz önünə gətirə bilər.
Hərb meydanında məğlubiyyətə sürüklənən, iqtisadiyyatı dağılan, informasiya blokadasında çırpınan, diplomatik uğurları olmayan, vətəndaş müharibəsinə sürüklənən, suverenliyi və müstəqilliyi təhdid altında olan Azərbaycan vur-tut 15 ildən sonra Cənubi Qafqaz regionunda lider dövlətə çevrilir. Həm hərbi, həm iqtisadi gücünə görə, həm bugünkü diplomatik uğurlarına, həm də beynəlxalq təşkilatlar tərəfindən aldığımız dəstəyə görə.
Elmira xanım deyirdi ki, cənab Prezidentin Amerikaya ilk dəfə səfəri mənim yaxşı yadımdadır. Belə ki, cənab Prezident özü ilə xəritə aparırdı. Yəni biz informasiya müharibəsində o dərəcədə uduzmuşduq ki, hətta böyük ölkələrdə ciddi insanlar belə bizim haqsız olduğumuzu düşünürdülər və cənab Prezident xəritələri göstərərək əyani şəkildə nələr baş verdiyini, əslində, vəziyyətin necə olduğunu, bizim haqq səsimizi beynəlxalq ictimaiyyətə çatdırırdı. Biz o günlərdən çıxıb bu günə çatmışıq. Bu baxımdan, təbii ki, 15 il dövlətin və millətin həyatında çox da böyük dövr sayıla bilməz. Amma biz 15 ilə baxanda görürük ki, Heydər Əliyev Azərbaycan dövləti və xalqı üçün nələr edib.
Həmkarlarım bir çox məsələdən danışdılar. Mən, sadəcə, bir məsələyə toxunmaq istəyirəm ki, Heydər Əliyev təkcə Azərbaycan dövlətini, bu gün Azərbaycan Respublikasında yaşayan azərbaycanlıları düşünmürdü. O, dünyada yaşayan bütün azərbaycanlıları düşünürdü və bu baxımdan dünyada yaşayan bütün azərbaycanlıların lideri idi.
Hamımız bu parlamentdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan müzakirələri yaxşı xatırlayırıq. Bizim alimlərimizdən biri, daha dəqiq desək, Vaqif Arzumanlı diaspor hərəkatından söz salanda bizim ümummilli liderimiz dedi ki, hanı o diaspor? Yəni uzun müddət dövlətçiliyin olmaması üzündən dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlılar assimilyasiya olunurdular. Heydər Əliyevin ən böyük xidmətlərindən biri ondan ibarət idi ki, o, dünyada yaşayan bütün azərbaycanlıları assimilyasiyadan xilas etdi. Dünya azərbaycanlılarının Azərbaycana dəvət olunması, qurultayların keçirilməsi, toplantıların keçirilməsi məhz ona xidmət edirdi. O, bütün dünya azərbaycanlılarına göstərirdi ki, sizin arxanızda bir dövlət var, eyni zamanda, sizin də bütün gücünüzü qoyub dəstək verəcəyiniz bir dövlət var.
Bundan başqa, müxtəlif ölkələrdə yaşayan soydaşlarımız Azərbaycanın ikitərəfli münasibətlərində önəmli yer tuturdu. Gürcüstanla münasibətlərin hansı səviyyədən hansı səviyyəyə gətirilməsini, Rusiya ilə, İranla münasibətləri qeyd etmək olar. Heydər Əliyev ona görə böyük şəxsiyyət idi ki, qabağı görürdü, Azərbaycanın 100-200 il sonrakı durumunu görürdü. Mən kiçik bir fakt deyim. O vaxt Bakı–Tbilisi–Ceyhanla bağlı söhbətlər ortaya çıxanda hər kəs Qazaxıstanın bu layihəyə qoşulub-qoşulmayacağından danışırdı. Mən Nazarbayevə bu sualı verəndə o dedi ki, bilirsiniz, bizim belə bir fikrimiz yoxdur. Tədbirdən çıxanda Nazarbayevin yanında Heydər Əliyev dedi: “Qızım, biz Bakı–Ceyhanı tikək, bax, onda Qazaxıstan da, hələ çoxları da Bakı–Ceyhan layihəsinə qoşulacaq”. Yəni o elə bir siyasət yürüdürdü ki, 10 il, 20 il yox, 100 il sonranı da görürdü. Bu baxımdan mən hesab eləyirəm ki, Heydər Əliyev ən böyük millətçi idi. Niyə millətçi idi? O insanlar millətçi olurlar ki, millətinə təmənnasız xidmət edə bilirlər və Heydər Əliyev Azərbaycan xalqına, dövlətinə təmənnasız xidmət edən bir şəxsiyyət idi.
Sədrlik edən. Çox sağ olun. Yaqub Mahmudov, buyurun.
Y. Mahmudov. Çox sağ olun, hörmətli Sədr. Mən hər şeydən əvvəl Sizə, Milli Məclisin rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm ki, bu gün ulu öndərin 85 illiyi münasibəti ilə Milli Məclisdə yüksək səviyyədə, işıqlı bir qədirbilənlik mərasimi düzəldibsiniz. Bizə çox qiymətli bir kitab təqdim olundu. Keçirilən bu mərasim bizim tariximizdə bir ənənənin də əsasını qoydu. Buna görə mən bir daha Sizə minnətdarlığımı bildirirəm.
Mənim ulu öndərə həsr olunmuş yüzlərlə məqaləm çıxıb, bir neçə kitabın müəllifiyəm, eyni zamanda, on il bundan qabaq yazdığım “Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti” adlı monoqrafiyanın müəllifiyəm və istərdim ki, apardığım tədqiqatların nəticəsi olaraq, bəzi bəyanat xarakterli nəticələri deyim. Biz adət eləmişik, vərdiş eləmişik, bu mənim yazılarımda da çox gedib, ulu öndərimizi, Heydər Əliyev şəxsiyyətini dünyanın nadir şəxsiyyətləri ilə müqayisə edək. Mən istərdim, biz unutmayaq ki, Azərbaycan tarixində çox dəyərli şəxsiyyətlər var və onların hər birini dünya ölkələrinin tarixi şəxsiyyətləri ilə müqayisə edə bilərik. Amma Heydər Əliyev bizim yeganə planetar düşüncəli, planetar miqyaslı, tarixi şəxsiyyətimizdir və o, barmaqla sayılan şəxsiyyətlərlə müqayisə oluna bilər.
İstərdim, mən bir həqiqəti diqqətinizə çatdırım ki, Corc Vaşinqton da daxil olmaqla barmaqla saydığımız tarixi şəxsiyyətlərdən fərqli olaraq, Heydər Əliyev iki sistemdə yaşamış tarixi şəxsiyyətdir və hər iki sistemdə siyasət aləminin ən uca zirvəsini fəth etmişdir. Bu məqamı o biri şəxsiyyətlər haqqında, çox təəssüf ki, demək olmaz. Digər tarixi şəxsiyyətlərdən fərqli olaraq, Heydər Əliyev əzilən xalqın, çox az potensialı olan bir xalqın, Sovet Azərbaycanında yaşayan 3-4 milyonluq xalqın, – mən o zamankı rəqəmi deyirəm, – hər addımda əzilən, maneələrlə üzləşən bir xalqın nümayəndəsi kimi, həmin dövlətin başçılarından biri səviyyəsinə ucalan tarixi şəxsiyyətdir. Yəni başqa tarixi şəxsiyyətlərdən Heydər Əliyevi xüsusilə fərqləndirən bu cəhəti bu gün bir daha səsləndirmək istərdim.
Digər tarixi şəxsiyyətlər öz məqsədlərinə çatmaqdan ötrü minlərlə qoşun qırdırıblar, qan töküblər, çox böyük sarsıntılar törədiblər. Amma Heydər Əliyev çox ağır məqsədinə təkcə zəkasının gücüylə çatıb. Heydər Əliyev insan zəkasının qüdrətini fəth eləyib.
Bu baxımdan bir cəhəti də xüsusi vurğulamaq istəyirəm ki, bizim onunla müqayisə elədiyimiz tarixi şəxsiyyətlər bir neçə məsələni həll eləyiblər. Amma dünyanın ən çətin məsələsi öz xalqı üçün heç nədən dövlət qurmaqdır. Heydər Əliyev Azərbaycan tarixi üçün, bizim millətimiz üçün, xalqımız üçün dövlət qurub, onu bizə əmanət qoyub gedib.
Bir məsələni də diqqətinizə çatdırmaq istəyirəm. Təəssüf edirəm ki, bu cəhət burada vurğulanmadı. O da ondan ibarətdir ki, Heydər Əliyev bizə tariximizə sahib çıxmağı öyrətdi. Xalq tarixinə sahib çıxanda məğlubedilməz olur. Bu gün Dədə Qorqudun 1300 illiyini xatırlamaq, soyqırımlar haqqında sərəncamları, deportasiyalar haqqında sərəncamları yada salmaq istəyirəm. Heydər Əliyev bununla erməni quldurlarına, erməni millətçilərinə başa saldı ki, bizə deyirsiniz, biz gəlməyik; bu yerlərə sonradan köçüb məskən salmışıq; bu regiona gəlmə sizsiniz, biz isə buranın ən qədim əhalisiyik və xalq kimi bizim 1300 illik tariximiz var. Bununla Heydər Əliyev Azərbaycan xalqını, millətimizi mübarizə meydanına çıxardı, tarixini ona başa saldı, ona 1300 il bundan qabaq formalaşmış xalq olduğunu anlatdı.
Xalqımıza xatırlatdı ki, Azərbaycan xalqı bu regionun ən qədim xalqıdır. Eyni zamanda, tarixinə yiyələnməlidir və bilməlidir ki, indiki Ermənistan dövlətinin yerləşdiyi ərazi bizim ərazimizdir. Bilməlidir ki, bizim böyük dövlətlərimiz, imperiyalarımız olub. Bütün bunların hamısı Azərbaycan xalqını böyük intibah yoluna çıxarmaq deməkdir və Heydər Əliyev böyük intibahımızın banisidir.
Biz dövləti qorumağı Heydər Əliyevdən öyrənməliyik. Bu gün bizim qürur mənbəyimiz var, arxayınçılığımız var ki, Heydər Əliyev ideyaları zəfər yürüşündədir, xalqın iradəsində, ürəyində, həmçinin İlham Əliyevin qətiyyətində yaşayır. Allah Heydər Əliyevə min-min rəhmət eləsin. Sağ olun.
Sədrlik edən. Sağ olun. Məlahət Həsənova, buyurun.
M. Həsənova. Çox sağ olun, Oqtay müəllim. Mən də Sizə minnətdaram ki, belə şərait yaratmısınız, biz də ulu öndər haqqında öz ürək sözlərimizi, xatirələrimizi bu gün bölüşürük.
Azərbaycan xalqı nadir xalqlardandır ki, dünya mədəniyyətinə, bəşər sivilizasiyalarına həm maddi, həm də mənəvi sərvətləri ilə çoxsaylı töhfələr verib. Azərbaycan xalqı Nizami, Füzuli, Üzeyir Hacıbəyov, Yusif Məmmədəliyev kimi insanları dünya mədəniyyətinə, dünya incəsənətinə, dünya sivilizasiyasına bəxş etmişdi. Azərbaycan xalqı ona görə xoşbəxtdir ki, dünyanın siyasi hakimiyyət tarixinə Heydər Əliyev kimi böyük bir şəxsiyyət, böyük bir diplomat da bəxş etmişdi və bununla hər bir azərbaycanlı fəxr edir.
Bu gün burada mənim həmkarlarım Heydər Əliyev haqqında çox xatirələr söylədilər, onun Azərbaycan xalqı qarşısında, Azərbaycan dövləti qarşısında gördüyü misilsiz xidmətlərdən danışdılar. Amma nə qədər danışsaq da, onu layiq olduğu qədər tərənnüm edə bilmərik, çünki zaman keçdikcə biz onun xalqımız qarşısında müstəsna və misilsiz xidmətləri haqqında daha çox şeyləri dərk edəcəyik və onun ruhu qarşısında daha çox minnətdar olacağıq.
Səmavi kitablarda belə bir deyim var, xalqlar, millətlər uçurum qarşısında qalarkən böyük Allah öz elçilərini göndərir və onlar insanları mənəvi uçurumdan, mənəvi fəlakətdən qurtarırlar. Müqəddəs kitablarda belə bir fikir də var ki, xalqların mənsub olduğu dövlətlər parçalanmaq təhlükəsində qalarkən, habelə fəlakətlə, faciə ilə üzləşdikdə Ulu Tanrı həmin xalqlara xilaskarlıq missiyasını həyata keçirən şəxsiyyətlər göndərmişdir. Bu bir reallıqdır ki, dünyanın bir çox ölkələrinin, bir çox dövlətlərinin parçalanmaq təhlükəsi olarkən həmin xalqların böyük liderləri ortaya çıxmış və həmin dövlətləri xilas etmişlər. Bunlardan Atatürkü, De Qollu, Mahatma Qandini və bir çoxlarını tanıyırıq.
Azərbaycan xalqı da Allahın sevdiyi xalqlardandır ki, 1991-ci ildə əldə etdiyimiz müstəqilliyimiz parçalanmaq təhlükəsində olarkən xilaskarlıq missiyasını ümummilli lider Heydər Əliyevin timsalında bizlərə göndərdi və xalqımız 1993-cü ildə onun gəlişi ilə nicat yolunu tapdı. O, müasir Azərbaycan dövlətini qurdu, yaratdı və onun əbədiliyinə, dönməzliyinə zəmanət verdi.
Heydər Əliyev Allahın çox sevdiyi insanlardandır. Mən burada çıxış edənlərin bəzilərinin çıxışında bir qədər qəm-qüssə hiss edirəm. Əslində, mən bu qüssə ilə razılaşa bilmərəm. Ona görə ki, Heydər Əliyev, həqiqətən, Allahın sevdiyi böyük insanlardan idi. Çünki Heydər Əliyev canı qədər sevdiyi Azərbaycanı, onun illər boyu ürəyində arzuladığı, beynində, fikrində düşündüyü, görmək istədiyi müstəqilliyini, sarsılmazlığını, əbədiliyini bizə əmanət verdi. Heydər Əliyev ona görə xoşbəxtdir ki, Heydər Əliyev bu gün Azərbaycan dövlətini dünya birliyində daha layiqli təqdim etmək üçün özü qədər inandığı möhtərəm İlham Əliyevi bizə əmanət verdi, bizə tövsiyə etdi və biz bununla fəxr edirik.
Heydər Əliyevin Azərbaycan xalqı qarşısında gördüyü bir çox xidmətlərdən danışıldı. Bilmirəm, vaxtım çatacaq, ya çatmayacaq, mən qısaca olaraq demək istərdim ki, Azərbaycan qadınları hər zaman – keçmişdə də, dünən də, bu gün də, gələcəkdə də Heydər Əliyevə minnətdar olacaqlar. Ona görə ki, istər sovet dövründə, istərsə də müstəqillik dövründə Azərbaycanda qadın hərəkatının formalaşmasında, mütəşəkkil olmasında, dünya birliyinə inteqrasiya etməsində onun müstəsna xidməti var.
1995-ci ildə Dünya qadınlarının IV Pekin Konfransı ərəfəsində respublikada acınacaqlı, çətin problemlər olmasına baxmayaraq, ulu öndər qadınlardan ibarət milli hazırlıq komitəsi yaratdı. Biz iftixar hissi ilə deməliyik ki, dünyanın 200-ə yaxın dövlətinin iştirak etdiyi həmin mötəbər tədbirdə Azərbaycan qadını keçirilən plenar iclaslardan birinə sədrlik etdi.
Heydər Əliyev Azərbaycanda Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaratdı və beləcə, qadın problemini dövlət siyasətinin tərkibinə qatdı. Ulu öndərin rəhbərlik etdiyi müstəqillik illərində respublikamızda bir çox beynəlxalq səviyyəli konfranslar şəxsən onun tövsiyəsi və tapşırığı ilə həyata keçirildi. Respublikada Azərbaycan Qadınlarının I Qurultayı, türkdilli dövlətlərin qadınlarının qurultayı, həmçinin ilk dəfə GUAM ölkələrinin qadınlarının qurultayı gerçəkləşdirildi. Bu faktları günlərlə, aylarla saysaq da qurtarmaz. Təbii ki, onun haqqında ən gözəl sözlər hələ deyilməmişdir. Onun haqqında ən gözəl əsərlər hələ gələcəkdə yazılacaq.
Sədrlik edən. Sağ olun. Bəxtiyar Sadıqov, buyurun.
B. Sadıqov. Hörmətli millət vəkilləri, bu əziz yubiley günündə bir daha ümummilli liderimizin müqəddəs xatirəsini hörmətlə andıq, onun gördüyü işlər barədə öz fikirlərimizi söylədik. Məndən qabaq çıxış edən həmkarlarım bu barədə qiymətli fikirlər söylədilər. Mən onların fikirlərinə dəstək verirəm və öz fikirlərimi tezislər şəklində, yığcam şəkildə ifadə etmək istəyirəm.
Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri mətbuat və söz azadlığını bərqərar etməsidir. 6 avqust 1998-ci ildə ümummilli liderimiz tərəfindən bir sərəncam imzalandı və bu sərəncamla Azərbaycanda mətbuata senzura nəzarəti ləğv edildi. Heydər Əliyevə qədər, yəni Azərbaycanın müstəqilliyi formal xarakter daşıdığı dövrdə də dövlət başçıları olmuşdur, lakin onların heç biri cəsarət eləyib mətbuata senzura nəzarətini ləğv eləyə bilməmişdilər. Ancaq bu böyük, bu çətin missiyanı da o, böyük cəsarətlə və qətiyyətlə öz üzərinə götürdü. Zaman göstərdi ki, o çox böyük uzaqgörənlik göstərmişdir. Bu gün də Azərbaycanda mətbuat və söz azadlığı üzərində heç bir maneə, heç bir sədd yoxdur.
Ulu öndərimizin rəhbərliyi dövründə mətbuatın, azad sözün inkişafı üçün möhkəm və təkmil qanunvericilik bazası yaradıldı. Bu gün biz fəxrlə etiraf eləyə bilərik ki, dünyada ən loyal “KİV haqqında” Qanun Azərbaycanda olan qanundur. Bu Qanuna görə istənilən bir şəxs istədiyi qəzeti açıb fəaliyyət göstərə bilir. Bunun üçün, sadəcə, Ədliyyə Nazirliyinə müraciət edirsən və bir həftə gözləmək kifayətdir və ərizəyə hansı cavab verilməsindən asılı olmayaraq insanlar fəaliyyət göstərə bilirlər.
Ulu öndərimiz jurnalistlərin yaxın dostu idi, onlarla təmasda olmağı sevir, daim jurnalistlərə şərait yaradır, onların bütün suallarını cavablandırırdı. Eyni zamanda, ümummilli liderimiz mətbuatı mövzusuz qoymurdu. İctimai əhəmiyyət kəsb edən bütün məsələləri mətbuatın gündəminə gətirməyi ustalıqla bacarır, onu dövlətin və xalqın maraqları baxımından həll eləmək üçün ictimai dəstək qazandırırdı.
Ümummilli liderimizin mətbuat tarixi ilə bağlı ilk fərmanı da 2000-ci ildə imzalandı və Azərbaycan milli mətbuatının 125 illik yubileyi haqqında olan bu fərman iki mühüm cəhətlə diqqəti cəlb edirdi. Birincisi, inqilab dövründə fəaliyyət göstərmiş bir sıra mətbu orqanlar var idi ki, onlar Azərbaycan xalqına düşmən kimi təqdim olunurdu. Lakin ümummilli liderimiz onların da tarixi rolunu göstərdi, həmin mətbuat orqanlarının da Azərbaycanın mətbuat tarixində məxsusi yer tutduğunu vurğuladı. İkinci məqam isə ondan ibarət idi ki, bir sıra adamlar sovet dövrü jurnalistikasının üzərindən xətt çəkmək istəyirdilər, onu bəyənmirdilər. Beləliklə, bu, iki qəbildən görülən işlərə, həmin insanlara siyasi bəraət qazandırmış oldu.
Nəhayət, bizim milli mətbuata ilk dəfə maddi dəstək verən, onun durumunun yaxşılaşdırılmasına xidmət eləyən bir sıra addımlar atıldı. O addımlar mətbuatın əlavə dəyər vergisindən azad olunması, mətbuatın mətbəəyə olan borclarının dondurulması və uzadılması, daha sonra tamamilə silinməsi oldu.
Ən nəhayət, ulu öndərimiz bütün bu xidmətlərin müqabilində “Jurnalistlərin dostu” mükafatına layiq görüldü. Mən vurğulamaq istəyirəm ki, o vaxt RUH Jurnalistlər Təşkilatı onu özlərinin dostu elan elədilər. Nə qədər Azərbaycan var, ulu öndərimizin xatirəsi yaşayacaq, ideyaları yaşayacaq və qalib gələcək. Eyni zamanda, Heydər Əliyev jurnalistlərin ən böyük dostu olaraq qalacaqdır. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Eldar Quliyev, buyurun.
E. Quliyev. Çox sağ olun. Cənab Sədr, hörmətli millət vəkilləri! Hər bir xalqın həyatında onu dünyada tanıdan insanlar olub. Azərbaycan xalqının tarixinə, onun taleyinə qızıl hərflərlə həkk olunmuş belə bir insan ulu öndər Heydər Əliyevdir. Əbəs deyildir ki, xalq onu özünün milli lideri hesab edir.
XX əsrin əvvəllərində Azərbaycanın gözəl guşəsi olan Naxçıvanda dünyaya gələn bu böyük insan gənc yaşlarından xalqına, millətinə, dövlətinə sədaqətlə xidmətə başladı və tezliklə respublika Dövlət Təhlükəsizlik Komitəsinin sədri, daha sonra isə ölkənin rəhbəri seçildi. Kölgədə qalmış Azərbaycan gündən-günə inkişaf etdi, əməyə qiymət verildi, şəhər və rayonların siması dəyişdi, ziyalıların işləri qiymətləndirildi. Heydər Əliyev tezliklə Moskvaya, Kremlə daha böyük vəzifəyə, daha məsul işə irəli çəkildi.
Qorbaçov hakimiyyəti belə bir nəhəng siyasətçini özünə rəqib bildi, cılız hərəkətləri ilə tezliklə onu işdən uzaqlaşdırmağa çalışdı və buna nail oldu. Ulu öndər əvvəlcə Naxçıvana, sonra isə xalqın istəyi ilə ölkənin ən çətin vaxtlarında Bakıya dəvət olundu. Xalq onu öz xilaskarı hesab etdi və yanılmadı. Nəhəng dünya siyasətçisi olan ümummilli liderimiz tezliklə ölkəni böhrandan çıxardı, dünyaya tanıtdı, atəşkəs əldə olundu, ölkədə sabitlik yaratdı, iqtisadi islahatların təməlini qoydu və uğurla davam etdirdi. Beləliklə, yenidən öz xalqının etimadını qazandı.
Heydər Əliyev Azərbaycan xalqına İlham Əliyevi bəxş etdi. İlham Əliyev atasının, dahi insanın təməlini qoyduğu işləri uğurla davam etdirərək ölkəni regionda aparıcı dövlətə çevirdi. Heydər Əliyev dünyaya xalqı üçün gəldi, onun qayğısına qaldı, canını, qanını ona bəxş etdi. Heydər Əliyev bundan sonrakı nəsillər üçün örnək və böyük məktəbdir. Biz hələ çox illər bu məktəbdən bəhrələnəcək, onun abidəsi qarşısında baş əyib, Allahdan rəhmətlər diləyəcəyik. Sağ olun.
Sədrlik edən. Sağ olun. Vasif Əliyev, buyurun.
V. Əliyev. Çox sağ olun, cənab Sədr. Mən də dərin minnətdarlığımı bildirirəm ki, öz fikrimizi, ürəyimizdə olan sözləri bildirməyə belə bir şərait yaratdınız. Ulu öndərimiz respublika, xalq qarşısında çox böyük işlər görmüşdür. Mən deputat həmkarlarımın sözlərini təkrar etmək fikrində deyiləm, yalnız burada deyilməyən bir məqamı açıqlayacağam. O da bizim respublikada enerji təhlükəsizliyi sisteminin yaranması ilə əlaqədardır. Onun da təməli 1970-ci ildə ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Belə ki, Azərbaycanda neft-qaz sənayesini sürətlə inkişaf etdirmək və enerji təhlükəsizliyini tam respublikanın tələblərinə cavab verən səviyyədə qurmaq onun əsas məqsədi olmuşdur.
Mənim xatirimdədir, 1980-ci ilin sonu, 1981-ci ilin əvvəlində biz Ümumittifaq Sənaye Birliyində neftçi Qurbanın kabinetində oturmuşduq. Bizi iclasa çağırmışdılar. Bu zaman ümummilli liderimizlə birlikdə keçmiş SSRİ Nazirlər Sovetinin yanında Plan Komitəsinin sədri Baybakov, qaz sənayesi naziri Sabit Orucov, bir də respublika Nazirlər Sovetinin sədri Həsən Seyidov içəri girdilər. Sən demə, ümummilli liderimiz Azərbaycanın neft-qaz sənayesinin inkişafı üçün 50 il qabaqcadan tələb olunan problemləri görürmüş. Əsas iki məsələni vurğuladı. Birincisi, kəşf olunan dəniz yataqlarının istismarı üçün tələb olunan qaldırıcı gəmi kranlarını, bir də Dərin Dəniz Özülləri Zavodunun tikintisini. O vaxt Baybakovun birinci müavini erməni idi və hər iki problemin həllinə çox maneçilik törədirdi. Amma buna baxmayaraq, ulu öndərimiz Heydər Əliyevin nəhəng səyləri nəticəsində bu iki zavod – həm Dərin Dəniz Özülləri Zavodu, həm də 2500 ton ağırlığında yük qaldıra bilən gəmi ilk dəfə sovetlər məkanında Azərbaycanda quraşdırıldı. Bu gün də Xəzərdə üzən yeganə gəmi Azərbaycanındır. Bu gün də Azərbaycan Respublikası neft strategiyasını uğurla yerinə yetirir və bunların köməyi olmadan Azərbaycanda çətinliklər ola bilərdi. Bu o deməkdir ki, ümummilli liderimiz cənab Heydər Əliyev Azərbaycanın neft strategiyasını, enerji təhlükəsizliyini 50 il qabaqcadan görürmüş və qarşıya çıxan problemləri pillə-pillə, yüksək səviyyədə yerinə yetirmişdir. Bu gün biz qətiyyətlə deyə bilərik ki, hörmətli Prezidentimiz cənab İlham Əliyev bu işi uğurla davam etdirir və respublikanın iqtisadiyyatının davamlı inkişafını təmin edir. Allah Heydər Əliyevin ruhunu şad etsin, Allah ona rəhmət eləsin. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun, hörmətli millət vəkilləri! Mən hesab edirəm ki, biz bu gün ulu öndərimiz, Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin 85 illiyinə həsr olunmuş təntənəli iclasda ürəyimizdən gələn sözləri dedik və elə bu iclası da ulu öndərimizə hörmətin, ehtiramın təzahürü kimi dəyərləndirməliyik. Bir daha onun böyük dühası qarşısında baş əyir, ona Allahdan rəhmət diləyirik. Bununla da ulu öndərin 85 illiyinə həsr edilmiş təntənəli iclas bağlı elan olunur.

(Azərbaycan Respublikasının Dövlət himni səslənir.)

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi