2008-ci il 4 aprel tarixli iclasın stenoqramı

ÜÇÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
VIII  SESSİYASI  İCLASININ

PROTOKOLU  №  78

Milli  Məclisin  iclas  salonu.
4  aprel  2008-ci  il.  Saat  12.

Milli  Məclis  Sədrinin  birinci  müavini
Z. Əsgərov  sədrlik  etmişdir


İclasda Milli Məclisin 102 deputatı iştirak etmişdir.

İclasa dəvət olunmuşlar:

B. Əliyev, Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini.
S. Vəliyev, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri.
B. Əliyev, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin əməkdaşı.
A. Babayev, Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının kafedra müdiri.

İclasın gündəliyinə aşağıdakı məsələ daxil idi:

Ekoloji kənd təsərrüfatı haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

İclasda qəbul edilmişdir:

Ekoloji kənd təsərrüfatı haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuşda).


Azərbaycan  Respublikası
Milli  Məclisi  Sədrinin
birinci  müavini                                            Z. ƏSGƏROV

 

 

 

MİLLİ  MƏCLİSİN  İCLASI

4  aprel  2008-ci  il.  Saat  12.

Azərbaycan  Respublikası  Milli  Məclisi  Sədrinin
birinci  müavini  Z. Əsgərov  sədrlik edir


Sədrlik edən. Hər vaxtınız xeyir, hörmətli deputatlar! Xahiş edirəm, yerlərinizi tutun.

Qeydiyyat (saat 12.02 dəq.)
İştirak edir 94
Yetərsay 83

İclasda 94 nəfər iştirak edir. Yetərsay var. Hörmətli deputatlar, keçən iclasımızın gündəliyindən Ekoloji kənd təsərrüfatı haqqında qanun layihəsi ilə bağlı bir məsələ qalıb. Qanun layihəsi barədə məruzə üçün söz Aqrar siyasət daimi komissiyasının sədri Eldar İbrahimova verilir. Buyurun, Eldar müəllim.
E. İbrahimov, Milli Məclisin Aqrar siyasət daimi komissiyasının sədri.
Hörmətli Ziyafət müəllim, hörmətli deputatlar, hörmətli qonaqlar! Müzakirənizə təqdim edilən Ekoloji kənd təsərrüfatı haqqında qanun layihəsi ölkəmizdə kimyəvi-sintetik maddələr tətbiq edilmədən əhalinin istehlakı üçün nəzərdə tutulan ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və dövriyyəsi ilə bağlı münasibətləri tənzimləmək məqsədi ilə hazırlanmışdır. Qanun layihəsinin məhz indi qəbul olunmasını zəruri edən əsas məqamlardan bəzilərini diqqətinizə çatdırmaq istəyirəm.
Bu qanun layihəsinin əhəmiyyət kəsb edən cəhətlərindən birincisi insan sağlamlığı amilidir. Bildiyiniz kimi, ölkəmizdə insanların sağlamlığının qorunması üçün son illər səhiyyənin inkişafına dövlət qayğısı və köməyi əhəmiyyətli dərəcədə yaxşılaşdırılmışdır. Bununla belə, insanın sağlam həyat sürməsi və çox yaşaması üçün əsas şərtlərdən biri onun sağlam ərzaqla qidalanmasıdır. Məhz ekoloji kənd təsərrüfatı sistemi sağlam torpaq, sağlam bitki, sağlam heyvan, sağlam ərzaq və sağlam ətraf mühitin mövcudluğu üçün şərait yaradan bir model olmaqla, insan sağlamlığının qorunmasında əvəzedilməz meyardır. Çünki insan sağlam ərzaqla qidalanmadan qeyri-sağlam ətraf mühitdə yaşadıqda ən yüksək səviyyədə həyata keçirilən səhiyyə tədbirləri lazımi effekti vermir və belə insanlar ömür boyu müxtəlif xəstəliklərdən əziyyət çəkir, həyatdan tez gedirlər.
Beynəlxalq normativlərə əsasən bir hektar torpaq sahəsində 3 kiloqram zəhərli maddə olduqda həmin torpaq əkin dövriyyəsindən çıxarılır. Təəssüf ki, Sovet İttifaqı dövründə Azərbaycanın pambıqçılıq rayonlarında hər bir hektarda bu maddələrin miqdarı 120−150 kiloqram təşkil etmişdir. Bunun nəticəsidir ki, həmin vaxtlar intensiv çirklənmənin baş verdiyi rayonlarda hazırda əhalinin orta yaş həddi 57 ildir, bu isə respublikanın orta göstəricisindən 13−14 il azdır. Respublikamızda son illər şiş xəstəlikləri, atipik pnevmoniya, hemofiliya, anomaliyalar, ümumi çatışmazlıqlar və digər genetik xəstəliklər çox yayılmışdır. Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, 2005− 2006-cı illərdə 826 nəfərin qidadan, o cümlədən 39 nəfərin kənd təsərrüfatında pestisidlərin və aqrokimyəvi maddələrin işlədilməsi nəticəsində zəhərlənməsi göstərilir.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin toksikoloji laboratoriyasının kənd təsərrüfatı məhsullarında apardığı yoxlamalar nəticəsində xeyli miqdarda nümunədə pestisidlərin və nitratların qalıq miqdarı standartlara və normalara cavab vermədiyinə görə satışdan çıxarılmışdır. Zəhərli maddələrdən istifadənin törətdiyi fəsadları nəzərə alaraq, 1990-cı illərin sonunda Avropa Birliyi ölkələrində mineral gübrələrdən və pestisidlərdən istifadəyə görə yüksək vergilər nəzərdə tutulmuşdur. Hazırda inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin bir çoxunda ekoloji təmiz kənd təsərrüfatı məhsullarının satışı getdikcə genişlənir və bu ərzaq mallarına olan tələbat ilbəil artır. Kimyəvi-sintetik maddələrin tətbiqinin acı nəticələrini və respublikamızda son illər əhalinin rifah halının durmadan yaxşılaşmasını və bunu gələcəkdə daha böyük sürətlə davam edəcəyini nəzərə alaraq, ölkə əhalisinin yüksək keyfiyyətli və insan üçün zərərli olmayan ərzağa olan tələbatını ödəməyə tələbat yaranmışdır.
Bundan başqa, ölkəmizdə turizm ildən-ilə genişlənir və yaxın gələcəkdə respublikamız beynəlxalq turizmin inkişaf etdiyi ölkələr sırasına daxil olacaqdır. Buna nail olmaq üçün ekoloji təmiz mallar istehsalının təşkilinin böyük əhəmiyyəti vardır. Bütün bunları təmin etmək üçün ən əlverişli istehsal metodu məhz ekoloji kənd təsərrüfatıdır. Digər tərəfdən, son 10 ildə Azərbaycan Respublikası ekoloji məsələlərə dair bir çox beynəlxalq konvensiyalara qoşularaq, öz üzərinə beynəlxalq öhdəliklər götürmüş və bu konvensiyaların hamısı Milli Məclisdə təsdiq edilmişdir.
Qloballaşan dünyada hər bir dövlətin qarşısında duran ən ümdə vəzifələrdən biri ölkə əhalisini sağlam ərzaqla təmin etməkdir. Bu məqsədlə 1993-cü ildə BMT-nin beynəlxalq konfransında qəbul edilən davamlı inkişaf konsepsiyasına uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 18 fevral tarixli sərəncamı ilə Azərbaycan Respublikasında ekoloji cəhətdən iqtisadi inkişafa dair milli proqram təsdiq edilmişdir. Bu proqramda ölkəmizin kənd təsərrüfatında davamlı inkişafa nail olmaq üçün ən əlverişli model kimi ekoloji kənd təsərrüfatı sistemi nəzərdə tutulur.
Bundan başqa, Azərbaycan Respublikasının üzv olmaq istədiyi Ümumdünya Ticarət Təşkilatının ekoloji tənzimləmə normaları üzv dövlətlərin milli qanunvericilik aktlarına öz təsirini göstərir. Azərbaycan Respublikası öz qanunlarını bu təşkilatların standartlarına uyğunlaşdırmaq üçün həmin təşkilata artıq 17 layihə təqdim etmişdir. Onu da bildirmək istəyirəm ki, Avropa Birliyi ölkələrinin əksəriyyətində, eləcə də Moldovada, Türkiyədə, Çində və bir sıra digər ölkələrdə bu məsələyə dair qanunlar qəbul edilmişdir, Ukrayna Ali Radasında layihənin müzakirələri gedir, Rusiya Federasiyasında isə belə bir layihə hazırlanır.
Nəzərinizə çatdırmaq istəyirəm ki, hələ 1901−1909-cu illərdə ABŞ Prezidenti olmuş Teodor Ruzvelt təmiz qida məhsulu və dərman preparatlarının istehsalının təmin olunması üçün xüsusi qanun qəbul edilməsinə nail olmuşdur. Bütün bunlar onu göstərir ki, beynəlxalq hüquq baxımından ölkəmizdə ekoloji kənd təsərrüfatı sisteminin yaradılması və inkişaf etdirilməsi üzərimizə götürdüyümüz öhdəliklərdən irəli gəlir. Bu qanunun qəbul edilməsini zəruri edən şərtlərdən biri də növbəli əkin sisteminin tətbiq edilməsi nəticəsində torpaqların təbii münbitliyinin bərpasına, qorunub saxlanılmasına, yaxşılaşdırılmasına və nəsildən-nəslə ötürülməsinə nail olmaqdır. Belə ki, bu gün ölkəmizdə 4,6 milyon hektar kənd təsərrüfatına yararlı torpaq sahəsinin 4,1 milyon hektarı müxtəlif dərəcədə eroziyaya, çirklənməyə və şoranlaşmaya məruz qalmışdır. Bütün bunların qarşısını almaq üçün ən optimal və iqtisadi cəhətdən səmərəli yol tədricən ekoloji kənd təsərrüfatına keçmək və onun genişləndirilməsinə nail olmaqdır. Belə ki, çirklənməyə və şoranlaşmaya məruz qalmış torpaq sahələrini əvvəlki vəziyyətinə gətirmək üçün uzun müddət və külli miqdarda vəsait tələb olunur. Bu vəsaiti əldə etmək və onu göstərilən məqsəd üçün istifadə etmək isə respublikanın imkanı xaricindədir.
Bildiyiniz kimi, Azərbaycan Respublikası artıq bir neçə ildir ki, Ümumdünya Ticarət Təşkilatına üzv olmaq üçün danışıqlar aparır. Bu danışıqlarda ən çox maraq və mübahisə doğuran məsələ dövlət büdcəsindən kənd təsərrüfatı məhsulları istehsalını stimullaşdıran subsidiyalar və subvensiyaların ayrılmasıdır. Həmin təşkilata üzv olmaq istəyən inkişaf etməkdə olan ölkələrin qarşısına qoyulan əsas şərtlərdən biri bu xərclərin istehsal edilən məhsulların dəyərinin 10 faizindən artıq olmamasıdır, həmin ölkələr bununla razılaşmalıdırlar. Bu isə o deməkdir ki, respublikamız böyük maddi imkanlara malik olmasına baxmayaraq, həmin təşkilatın üzvü olduqdan sonra kənd təsərrüfatının inkişafı sahəsində üzərinə götürdüyü öhdəlikdən artıq büdcə vəsaiti xərcləməsinə yol verə bilməz. Belə olan halda aqrar sahənin inkişafı üçün stimullaşdırıcı tədbirlərin və investisiya qoyulmasının ən əlverişli yolu ekoloji kənd təsərrüfatını inkişaf etdirməkdir.
Ümumdünya Ticarət Təşkilatının şərtinə görə, ekoloji kənd təsərrüfatının inkişafına büdcə vəsaitinin sərf edilməsinə məhdudiyyət qoyulmur. Onu da qeyd etmək istəyirəm ki, Nazirlər Kabinetinin 2007-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2009-cu ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Respublikasının hörmətli Prezidenti cənab İlham Əliyev qeyd etmişdi ki, indi bizim imkanlarımız var, sadəcə olaraq, yaxşı proqramlar, layihələr hazırlanmalıdır və biz onlara vəsait ayırmalıyıq. Hesab edirəm ki, bu tapşırığın yerinə yetirilməsində ekoloji kənd təsərrüfatı sahəsində müxtəlif proqramların hazırlanması üçün hüquqi bazanın yaradılmasına ehtiyac vardır.
Bir məsələni də diqqətinizə çatdırmaq istəyirəm. Hazırda qloballaşan dünya iqtisadiyyatının iki vacib problemini: enerji və ərzaq təhlükəsizliyini təmin etməyi qarşıda duran ən böyük məsələ kimi önə çəkmişdir. Ölkəmiz hazırda özünün enerji təhlükəsizliyini tam təmin etməklə yanaşı, dünyanın bir çox ölkələrinə də bu problemin həllində yardım göstərir. Respublikamızda ərzaq təhlükəsizliyi məsələsində narahatlıq doğuran sahə taxıl istehsalıdır. Başqa ərzaq məhsullarından fərqli olaraq bu məhsula olan tələbatın 30−35 faizi xarici ölkələrdən idxal olunan məhsul hesabına təmin edilir.
Bir neçə il bundan əvvəl “Taxıl haqqında” Qanunda taxıl fondunun yaradılması barədə müddəanın qanundan çıxarılmasına çalışanlar o vaxt bizim buna imkan verməməyimizin düzgün qərar olduğunu artıq yəqin ediblər. Hazırda Qazaxıstan Respublikası ilə birlikdə inşa edilmiş Hövsan taxıl terminalı ölkəmizdə taxıl məhsullarına olan tələbatı ödəməkdə mühüm rol oynamaqla yanaşı, qiymətlərin süni artımının qarşısını almağa da kömək edir. Hesab edirik ki, ölkəmizdə taxıl fondunun formalaşdırılması üçün ekoloji təsərrüfatlara dövlət sifarişi verilməsi məqsədəuyğundur. Çünki ekoloji üsulla istehsal olunan məhsulu saxlamaq ucuz başa gəlir və onun qidalılıq dəyəri başqa üsulla istehsal olunan məhsula nisbətən xeyli üstündür. Bu da onu göstərir ki, ekoloji məhsul istehsalı davamlı inkişafı təmin etməklə yüksək dəyərli məhsul əldə etməyə imkan verdiyinə görə ərzaq təhlükəsizliyi məsələlərinin həllində mühüm əhəmiyyət kəsb edir və həmin problemin tərkib hissəsidir.
Dünya statistikası göstərir ki, ekoloji kənd təsərrüfatının inkişaf elədiyi ölkələrdə fermerlərin gəlirləri ənənəvi sistemlə işləyənlərə nisbətən 30 faiz artmışdır. Bunu Latın Amerikası və Çində son 20 ildə fermerlərin gəlirlərinin sürətli artımı da sübut edir. Məhz buna görə ekoloji kənd təsərrüfatı ilə məşğul olan fermerlərin sayı və bu sistemə cəlb edilən torpaq sahəsi ilbəil artır və hazırda 30 milyon hektara çatmışdır. Kənd təsərrüfatı məhsullarının dəyəri isə 35−40 milyard dollar təşkil edir. Afrikanın 8 ölkəsində – Misir, Əlcəzair, Sudan və sair ölkələrdə 75 min fermer 900 min hektar əkin sahəsində ekoloji kənd təsərrüfatı ilə məşğul olur.
Azərbaycan Respublikasında da bu sahəyə diqqət artırılır. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının, yəni FAO-nun məlumatına əsasən hazırda Azərbaycanda 332 fermer 20 min hektar torpaq sahəsində ekoloji kənd təsərrüfatı ilə məşğul olur. Göründüyü kimi, qanunun qəbul olunmasını gözləmədən alimlərimiz və fermerlərimiz bu sistemin üstünlüklərindən artıq bir neçə ildir ki, istifadə edir və yaxın vaxtlarda həmin təsərrüfat subyektlərinə Avropa standartlarına uyğun ekoloji təsərrüfat statusu sertifikatları veriləcəkdir. Bu məqsədlə “Azekosert” Təşkilatı yaradılaraq dövlət qeydiyyatından keçirilmiş və onun tezliklə Avropa komissiyasında akkreditasiya olunacağı gözlənilir.
Onu da bildirmək istəyirəm ki, Gəncə Aqrobiznes Assosiasiyası artıq bir neçə ildir Azərbaycanda ekoloji kənd təsərrüfatı sisteminin yaradılması və genişləndirilməsi üçün çox böyük işlər görür. Bu sahədə BMT-nin Ərzaq və kənd təsərrüfatı təşkilatı ilə beynəlxalq əməkdaşlığı həyata keçirir. 2004-cü ildən başlayaraq “Ekoloji kənd təsərrüfatı” adlı jurnal nəşr etdirilir. Artıq Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında 2007-ci ildən ekoloji kənd təsərrüfatı ixtisası üzrə mütəxəssis hazırlığına başlanmışdır. Bütün bunlar onu göstərir ki, respublikamızda ekoloji kənd təsərrüfatının inkişaf etdirilməsi üçün elmi və təcrübə bazası beynəlxalq standartlara uyğun fəaliyyət göstərmək və insan sağlamlığının möhkəmləndirilməsində böyük əhəmiyyət kəsb edən xüsusi məhsullar istehsalı üçün unikal imkanlar və hərtərəfli şərait vardır. Buna misal olaraq, bir çox ölkələrdə geniş istifadə edilən zeytun, zəfəran, badam, nar, camış südü və digər məhsullar istehsal etmək üçün respublikamızda əlverişli aqroiqlim şəraiti vardır. Bu məhsulların istehsalını çox az xərc çəkməklə asanlıqla ekoloji sistemə keçirmək və dünya bazarına çıxarmaq imkanları vardır.
Nəzərə almaq lazımdır ki, camış südü insan orqanizminin bakteriya və virus infeksiyalarına qarşı dözümlüyünü artırdığına görə Bolqarıstanda, İtaliyada, Hindistanda və bir çox digər ölkələrdə camış südündən istifadəyə böyük üstünlük verilir. Rusiya Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə bu ildən başlayaraq Moskva şəhərində məktəblərə camış südü verilməsinə başlanacaqdır. Təhqiqatlar və təhlillər göstərir ki, camış südü və əti geniş istifadə edilən ölkələrdə şiş və bir çox digər geniş yayılmış xəstəliklərdən ölənlərin sayı başqa ölkələrə nisbətən azdır. Azərbaycan keçmiş SSRİ məkanında ən böyük camışçılıq respublikası sayılırdı, hazırda respublikamızda 300 min baş camış vardır. Ölkəmiz bu sahəni inkişaf etdirməklə ekoloji təmiz heyvandarlıq məhsulları istehsalında dünyada ön sıraya çıxa bilər.
İmkanlardan istifadə etmək, ekoloji kənd təsərrüfatı sisteminin tətbiqinə və inkişafına nail olmaq, ölkə əhalisini sağlam qida ilə təmin etmək, rəqabət qabiliyyətli kənd təsərrüfatı və ərzaq məhsulları ilə xarici bazarlara çıxmaq, yüksək əlavə dəyər yaradan kənd təsərrüfatı bölmələrinin inkişafına nail olmaq üçün müvafiq hüquqi bazanın yaradılması zəruridir. Bunu nəzərə alaraq, Aqrar siyasət daimi komissiyası göstərilən problemləri dövrün tələblərinə uyğun həll etmək məqsədi ilə Ekoloji kənd təsərrüfatı haqqında qanun layihəsi hazırlamış və bunun qəbul olunmasını məqsədəmüvafiq hesab edir. Bu qanun Azərbaycan Respublikasında kimyəvi-sintetik, yəni süni maddələr tətbiq edilmədən, əhalinin istehlakı üçün nəzərdə tutulan ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı, emalı və dövriyyəsi ilə bağlı münasibətləri tənzimləyəcəkdir.
Qanun layihəsi barədə Ədliyyə, İqtisadi İnkişaf, Maliyyə, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər, Səhiyyə, Vergilər nazirliklərinin, Dövlət Torpaq və Xəritəçəkmə, Dövlət Statistika komitələrinin, Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin, Ticarət və Sənaye Palatasının, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqının, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət fitosanitar və Dövlət baytarlıq xidmətlərinin, Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının, İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun, Azərbaycan Aqrar Elm Mərkəzinin, Azərbaycan Elmi Tədqiqat Kənd Təsərrüfatının İnkişafı və Təşkili İnstitutunun, Azad İstehlakçılar Birliyinin müsbət rəy və təklifləri alınmış və istifadə edilmişdir.
Qanun layihəsi 2008-ci il 31 yanvar tarixində respublikanın aidiyyəti nazirlik, komitə və idarə rəhbərlərinin, alim və mütəxəssislərin iştirakı ilə Aqrar siyasət daimi komissiyasının geniş iclasında müzakirə edilərək Milli Məclisin müzakirəsinə tövsiyə olunmuşdur. Qanun layihəsi, bildiyiniz kimi, 5 fəsil və 21 maddədən ibarətdir. Qanun layihəsinin I fəsli ümumi müddəalara həsr olunmuşdur. Burada ekoloji kənd təsərrüfatı və ekoloji təmiz məhsul, ekoloji nəzarət, sertifikatlaşdırma, konversiya (keçid) dövrü, geniş modifikasiya olunmuş orqanizmlər, onların törəmələri, ekoloji kənd təsərrüfatı məhsullarının milli əmtəə nişanı anlayışları ilə yanaşı, ekoloji kənd təsərrüfatı haqqında qanunvericiliyin məqsədi, ekoloji kənd təsərrüfatının prinsipləri və idarə edilməsi öz əksini tapmışdır. Ekoloji kənd təsərrüfatı – ekoloji məhsul istehsalının şərtlərinə uyğun kimyəvi-sintetik (süni) maddələr tətbiq edilmədən kənd təsərrüfatı bitkilərinin becərilməsi və heyvanların yetişdirilməsi, habelə ekoloji təmiz məhsulların istehsalı, emalı, dövriyyəsi və müvafiq qaydada sertifikatlaşdırılmasıdır.
Qanun layihəsinin II fəsli ekoloji kənd təsərrüfatının qaydalarına həsr olunub. Burada ekoloji kənd təsərrüfatına tələblər, ekoloji əkinçilik üsulları, ekoloji bitkiçilik məhsullarına qoyulan tələblər, heyvandarlıqda tətbiq olunan ekoloji tələblər və istehsal konversiyasından bəhs edən maddələr verilir. Ekoloji təsərrüfat subyektlərində əkinçilik üsulları, torpağın strukturunun və münbitliyinin saxlanmasına, torpağın münbitliyinin artırılmasında mineral gübrələrin və sintetik əlavələrin istifadəsinin qadağan edilməsinə, xəstəlik, zərərverici və alaq otlarına qarşı kimyəvi-sintetik maddələrdən məcburən istifadə olunduğu hallarda həmin sahələrin əkin dövriyyəsindən müvəqqəti çıxarılmasına əsaslanır.
Heyvandarlıq ekoloji üsulla idarə olunan hallarda ekoloji heyvandarlıq məhsulları istehsalı, ilkin emalında ekoloji zərərsiz texnologiyalardan istifadə olunması, xəstəliklərin qarşısının alınmasında kimyəvi baytarlıq preparatlarının tətbiqinin minimuma endirilməsi, genetik modifikasiya olunması, heyvanların və onların törəmələrinin istifadəsinin qadağan edilməsi, heyvanların yemləndirilməsində ekoloji təmiz yemlərdən istifadə olunması və bu kimi digər şərtlər təmin edilməlidir. Qanun layihəsində nəzərdə tutulur ki, adi kənd təsərrüfatı subyektinin ekoloji kənd təsərrüfatına çevrilməsi üçün təsərrüfat, istehsal edilən məhsulun növündən asılı olaraq mütləq istehsal konversiyası müddətini, yəni keçid dövrünü keçməlidir. Məsələn, ekoloji standartlara uyğun olaraq keçid dövrü müddəti çoxillik bitkilər və çoxillik əkmələr üçün 3 il, birillik bitkilər, yem bitkiləri və otlaqlar üçün 2 il, ətlik məqsədi ilə yetişdirilən mal-qara üçün 12 ay müəyyən edilir.
Qanun layihəsinin III fəsli ekoloji kənd təsərrüfatına nəzarət və sertifikatlaşdırmaya həsr edilib. Keçid dövründə bütün standartlara, normativlərə, ekoloji istehsal tələblərinə əməl edən təsərrüfat subyektlərinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən ekoloji kənd təsərrüfatı subyekti statusunu təsdiq edən sertifikat verilir. Ekoloji kənd təsərrüfatına nəzarət və sertifikatlaşdırma üzrə akkreditasiya olunmuş orqanlar həm dövlət, həm də xüsusi mülkiyyətdə olan hüquqi şəxslərdən ibarət ola bilərlər. Onlar müvafiq icra orqanı tərəfindən akkreditasiya olunanlar və qanunvericilikdə nəzərdə tutulan qaydada dövlət qeydiyyatından keçirilirlər. Həmin orqanlar Azərbaycan Respublikasının rezidenti olmalı, kənd təsərrüfatı və ərzaq məhsullarının, xammalın, su, hava, pestisidlər və aqrokimyəvi maddələr, dərman vasitələri, bioloji və digər preparatların analizi üçün müasir avadanlıqlarla və ləvazimatlarla təchiz olunmuş laboratoriyalara və peşəkar mütəxəssislərə malik olmalıdırlar. Ekoloji kənd təsərrüfatı məhsullarının sertifikatlaşdırılması torpağın becərilməsindən, son məhsulun istehlakçıya çatdırılmasına qədər bütün proseslərdə ekoloji tədbirlərin yerinə yetirilməsinə dair nəzarət orqanının verdiyi sənədlər əsasında aparılır.
Layihənin IV fəsli ekoloji kənd təsərrüfatı məhsullarının dövriyyəsinə həsr edilmişdir. Burada ekoloji məhsulların marketinqi və satışı, markalanması, saxlanması və daşınması, idxalı və ixracı məsələləri verilmişdir. Ekoloji kənd təsərrüfatı məhsullarının satışı məhsulun istehsalçıdan istehlakçıya doğru hərəkəti üzrə bu və ya digər funksiyanı yerinə yetirən səmərəli marketinq strategiyasının formalaşdırılması vasitəsi ilə həyata keçirilir. Ekoloji kənd təsərrüfatı məhsulları “EKO−keçid” və “EKO” sözləri göstərilməklə markalanır. Ekoloji üsullardan istifadə edən təsərrüfat subyektlərində ekoloji keçid dövrü başa çatana qədər istehsal olunmuş məhsullara “EKO−keçid” markası vurulur. Keçid dövrü başa çatdıqdan sonra ekoloji kənd təsərrüfatı məhsulları ekoloji məhsul kimi markalanır və etiketi üzərində “EKO” sözü göstərilir.
Qanun layihəsinin V fəsli ekoloji kənd təsərrüfatının maliyyə və elmi təminatına, beynəlxalq əməkdaşlığa və qanunvericiliyin pozulmasına görə məsuliyyətə həsr olunmuşdur.
Hörmətli deputat həmkarlarım, mən heç də bu fikirləri deməklə mineral gübrələr və zəhərli kimyəvi maddələrin tətbiqinə zidd deyiləm. Əlbəttə, kənd təsərrüfatı məhsulları istehsalını artırmaq və əhalini kənd təsərrüfatı məhsulları ilə tam təmin etmək üçün hələlik gübrə və zəhərli maddələrdən istifadə etmək lazımdır. Qanun layihəsində bu məqam öz əksini tapmış və qeyd olunmuşdur ki, ekoloji kənd təsərrüfatına keçid könüllülük prinsipinə əsaslanır. Yəni ölkəmizdə hər iki təsərrüfatçılıq sistemi mövcud olacaqdır. Bu həm də bazarda rəqabət prinsipinin yaradılmasına kömək edəcəkdir.
Mən çıxışımda qanun layihəsinin vacibliyini və prinsipial müddəalarını diqqətinizə çatdırmağa çalışdım. Komissiyamızın deputatları adından layihənin müzakirəsində əməli təklif və rəylərini bildirən hörmətli həmkarlarıma əvvəlcədən minnətdarlığımı bildirirəm. Onu da qeyd etmək istəyirəm ki, layihə Milli Məclisin müzakirəsinə təqdim ediləndən sonra deputat həmkarlarımız və bəzi beynəlxalq təşkilatlar müəyyən irad və təkliflərini bildiriblər. Layihə ikinci oxunuş üçün hazırlanarkən bütün irad və təkliflərə işçi qrupunda baxılacaq, müvafiq dəyişikliklər aparılacaqdır. Komissiya hesab edir ki, layihə birinci oxunuşun tələblərinə cavab verir və konseptual baxımdan qəbul oluna bilər. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Eldar müəllim, sağ olun. Əyləşin, zəhmət olmasa. Vahid müəllim, sualınız var? Buyurun, Vahid Əhmədov.
V. Əhmədov. Çox sağ olun, Ziyafət müəllim. Qanun layihəsi, əlbəttə, konseptual cəhətdən qəbul oluna bilər və mən bu layihəyə səs verəcəyəm. Çox lazımlı qanundur. Azərbaycanın daxili bazarı bu dəqiqə elə vəziyyətdədir ki, belə bir qanunun qəbul olunması zəruridir. Amma qanun layihəsində, Eldar müəllim, bunun reallaşma mexanizmi faktik olaraq yaxşı açılmayıb. Siz bunu necə görürsünüz? Reallaşma mexanizmi və ümumiyyətlə, bu qanunu həyata keçirmək mümkündür? Çox sağ olun.
Sədrlik edən. Astan müəllim Şahverdiyev, buyurun.
A. Şahverdiyev. Çox sağ olun, Ziyafət müəllim. Mənim də sualım var. Mən də belə bir qanunun qəbul olunmasına tərəfdaram və qanun layihəsinin lehinə səs verəcəyəm. Amma mənim sualım qanunun adı ilə bağlıdır. “Ekoloji kənd təsərrüfatı haqqında”. Burada ədəbiyyatçı, dilçi olan həmkarlarımız da var. Mənə elə gəlir ki, “Ekoloji təmiz kənd təsərrüfatı” adlandırılmalıdır. Ekologiya, bilirsiniz ki, cəmiyyətlə ətraf mühit arasında əlaqələr barəsində elmdir. “Ekoloji kənd təsərrüfatı haqqında” yazmaq Azərbaycan dilinin xüsusiyyətlərinə nə qədər uyğun gəlir? Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Müzakirəyə başlayırıq. Məjlum Şükürov.
M. Şükürov. Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli millət vəkilləri, hörmətli mətbuat təmsilçiləri! Müzakirəyə təqdim olunan qanun layihəsinin aktuallığını komissiyamızın sədri hörmətli Eldar müəllim ətraflı şərh etdi. Mən isə diqqətinizi qanun layihəsi ilə bağlı səslənən bəzi fikirlərə yönəltmək istəyirəm. Hər halda bəzi iqtisadçılar, mütəxəssislər arasında belə yanaşmaya da rast gəlinir: nə qədər ki ölkənin kənd təsərrüfatı məhsullarına tələbatı yerli istehsal hesabına tam ödənilməyib, elitar ekoloji təmiz məhsuldan danışmaq hələ tezdir. Bu fikirlərin müəllifləri nəyin bahasına olursa-olsun intensiv kənd təsərrüfatı texnologiyasının köməyi ilə, yəni mineral gübrələrin, herbisitlərin, kimyəvi maddələrin tətbiqi ilə yüksək məhsul istehsalına, məhsul bolluğuna nail olmağı ön plana çəkirlər. Hesab edirəm ki, bu, birtərəfli və yanlış mövqedir. Həqiqət isə həmişə olduğu kimi, necə deyərlər, qızıl ortadadır. Qəbul olunmuş normada kimyəvi-sintetik maddələrdən istifadə etməklə kənd təsərrüfatında yüksək məhsul istehsalına nail olmaq nə qədər vacibdirsə, insanlarımıza ekoloji təmiz ərzaq təklif etmək ondan da vacibdir. Bu yanaşmanın ən düzgün olduğunun təsdiqi üçün diqqətinizi intensiv və ekoloji kənd təsərrüfatı sahələrinin yaranma tarixinə çəkmək istəyirəm. Mənə elə gəlir ki, bu həqiqət həmin tarixin özündə göstərilib.
Hələ XIX əsrin sonu − XX əsrin əvvəllərində kimya və ağır sənayenin inkişafı kənd təsərrüfatında mineral gübrələrin, kimyəvi maddələrin, kənd təsərrüfatı texnologiyalarının intensiv tətbiqinə səbəb oldu. Bu, aqrar sahədə ilk yaşıl inqilaba gətirib çıxardı. Məhsuldarlıq artdı, əl əməyi azaldı, qiymətlər aşağı düşdü. Bir sözlə, əhalinin ərzaqla təminatında sıçrayış baş verdi. Amma həmişə olduğu kimi, zaman keçdikcə kənd təsərrüfatında yeni problemlər yaşanmağa başladı. Öncə torpaq mülkiyyətçiləri, sonra isə alimlər hiss etməyə başladılar ki, yeni texnologiyaların, kimyəvi maddələrin tətbiqi məhz torpaqda münbitliyin azalmasına, yeni zərərvericilərin, bitkiçilik üçün ziyanlı digər vasitələrin inkişafına səbəb olur. Bu isə yeni, daha güclü zərərli maddələrdən, daha çox mineral gübrələrdən istifadə olunmasını tələb etdi. Beləliklə, intensiv kənd təsərrüfatı özü məhz yeni bir hərəkatı – ekoloji təmiz məhsul istehsalı hərəkatını zəruri etdi.
Həmişə olduğu kimi, problem yaranan zaman yaxşı ki, fədakar insanlar tapıldı. XX əsrin əvvəllərində ilk dəfə olaraq İsveçrə alimi Hans Müller bioloji-ekoloji kənd təsərrüfatı hərəkatına başladı. Beləliklə, bu gün müzakirəyə çıxardığımız qanun layihəsində bəhs etdiyimiz anlayış ilk dəfə XX əsrin əvvəllərində İsveçdə yaranmışdır. Ekoloji kənd təsərrüfatının məhsuluna, Eldar müəllimin qeyd etdiyi kimi, heç bir kimyəvi əlavələr ola bilməz.
Mən sizin diqqətinizi Ümumdünya Səhiyyə Təşkilatının bir araşdırmasına çəkmək istəyirəm. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, inkişaf etməkdə olan ölkələr, o cümlədən keçmiş sovet məkanı ölkələrinə ixrac edilən ərzaq məhsullarının 60 faizindən çoxunda kimyəvi əlavələr normadan yüksək səviyyədədir. Bu məsələnin ən pis tərəfi ondadır ki, bəzi qarışıqların zərərli olması həmin anda yox, zaman keçdikcə üzə çıxır. Lakin son zamanların araşdırmaları, xüsusən də Hollandiyada və İngiltərədəki araşdırmalar göstərmişdir ki, ərzaq məhsullarına edilən kimyəvi əlavələr hətta sürətli ölümə də səbəb ola bilər. Yəni ekoloji kənd təsərrüfatı, təmiz ərzağın istehsalı zamanın tələbindən irəli gəlir.
Eldar müəllim burada qeyd etdi ki, Ümumdünya Ticarət Təşkilatına qəbul ərəfəsində olan Azərbaycan üçün belə bir qanunun qəbul olunması çox zəruridir. Bunun iki səbəbi var. Birinci səbəb ondan ibarətdir ki, məhz aqrar sahənin dövlət tənzimlənməsində Ümumdünya Ticarət Təşkilatına qəbuldan sonra müəyyən stimullaşdırma prosesində əngəllər yarana bilər. Amma ekoloji məhsul istehsalına heç bir məhdudiyyət yoxdur. Digər tərəfdən, Ümumdünya Ticarət Təşkilatına qəbul həm daxili, həm də xarici bazara çıxışda rəqabət deməkdir. Məhz ekoloji ərzaq məhsulu ilə Azərbaycan daxildə, həm də xarici bazarda rəqabətə tab gətirə bilər. Bu qanunu zəruri edən digər amillərdən biri, mənə elə gəlir ki, ekoloji kənd təsərrüfatı məhsullarının həm daxili, həm də xarici bazarda xüsusi nüfuza, marağa səbəb olmasıdır.
Bilirsiniz ki, bu sahəyə, yəni intensiv kənd təsərrüfatının tətbiqi ilə istehsal olunan məhsullara sərf olunan xərc lazım olan xərclərdən 30 faiz azdır. Amma bu məhsulların qiyməti həm daxili, həm də xarici bazarda ənənəvi məhsulların qiymətini analoji intensiv texnologiyalarla istehsal olunmuş məhsulların qiymətindən təxminən 38–40 faiz çoxdur. Bu amil də belə bir qanunun qəbul olunmasını zəruri edir. Daha mühüm amil isə məhz yenə də məruzədə qeyd olunduğu kimi, Azərbaycanda belə bir qanunun, yəni hüquqi bazanın olmamasına baxmayaraq, illərlə ekoloji məhsul istehsalı ilə məşğul olan kənd adamlarının məhsullarına belə sertifikatın verilməsinə və yaxud onların məhsullarının bu adla bazara çıxarılmasına mane olmasıdır.
Bir faktı da diqqətinizə çatdırmaq istəyirəm. Ümumdünya Ərzaq Təşkilatı FAO-nun məlumatına görə 2006-cı ildə Azərbaycanda yalnız 0,43 faiz ekoloji kənd təsərrüfatı məhsulu olub. Mənə elə gəlir ki, bu, yanlış məlumatdır və yanlışlığın da əsl səbəbi hüquqi baza olmadığına görə Azərbaycan kəndlisinin ekoloji kənd təsərrüfatı məhsulunu qeydiyyatdan keçirə bilməməsidir. Nəyə görə bu məlumatı yanlış hesab edirəm? Ona görə ki, ekoloji məhsul üçün ən vacib amil kimyəvi maddələrdən, mineral gübrələrdən istifadə edilməməsidir. Əgər sovet dövründə Azərbaycana 600 min ton mineral gübrə gətirilirdisə, elə həmin məruzədə qeyd olunduğu kimi, 2006-cı ildə Azərbaycana cəmisi 6 min ton mineral gübrə gətirilmişdir. Bu da o deməkdir ki, Azərbaycanda həmin il istehsal olunan məhsulun mütləq əksəriyyəti ekoloji təmiz kənd təsərrüfatı məhsulu olubdur. Amma bu sahədə qanunvericilik bazasının olmaması səbəbindən bizim kəndlilər öz məhsullarının ekoloji məhsul olduğunu iddia edə bilməyiblər. Bu nöqteyi-nəzərdən də belə bir qanun layihəsinin çox vacib olduğunu qeyd etmək istəyərdim.
Başqa bir mühüm amil isə, hesab eləyirəm ki, Azərbaycan kəndi ilə bağlıdır. Ən böyük problem adət-ənənələrimizin, milli mentalitetimizin qloballaşan dünyada ərimək təhlükəsidir. Belə adət-ənənələrin, milli mentalitetin qorunmasının ən yaxşı, mühafizəkar yeri isə Azərbaycan kəndidir. İntensiv kənd təsərrüfatının tətbiq olunduğu bir məkanda Azərbaycan kəndi həmin intensiv texnologiyanın bir əlavəsinə çevrilir. Amma ekoloji kənd təsərrüfatı, bildiyiniz kimi, dədə-baba kənd təsərrüfatıdır. Məhz bu kənd təsərrüfatı ilə məşğul olmaq ona gətirib çıxarır ki, biz öz milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi qoruyuruq. Ona görə də mən həmkarlarımdan xahiş etmək istəyirəm ki, bu qanun layihəsinə müsbət səs versinlər. İkinci oxunuş zamanı Eldar müəllimin qeyd etdiyi kimi, biz maddələr üzrə öz təkliflərimizi deyəcəyik. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Nizami Xudiyev.
N. Xudiyev. Hörmətli sədarət, hörmətli Milli Məclis deputatları! Nəhayət, iki aydan sonra Ekoloji kənd təsərrüfatı haqqında qanun layihəsi bu gün müzakirəyə gəldi, çox şükür. Bunun da çox adi bir səbəbi var idi. Biz burada qanunlara əlavə və dəyişiklikləri müzakirə eləyirik. Keçən dəfə burada əlavə və dəyişikliklər haqqında məsələyə baxdıq. Biz elə bildik, nəsə böyük bir problem həll eləyəcəyik. Dedilər ki, bir sözü dəyişmək lazımdır. Onun üçün böyük bir layihə hazırlandı və biz təntənəli surətdə səs verdik, bunu qəbul etdik. Beləliklə, keçən iclasda 20−30 dəyişikliyi müzakirə etdik. Bugünkü müzakirəyə isə bircə məsələ təqdim edilir. Təklifim nədən ibarətdir? Mən 15 ilə yaxındır ki, Milli Məclisin üzvüyəm. Bu əlavə və dəyişiklikləri ümumiləşdirib bir-iki bənddə vermək və səsə qoyub müzakirə etmək olardı. Mən bununla əlaqədar komissiya sədrlərindən soruşmuşam. Kifayət qədər qanun layihəsi var ki, növbə gözləyir. Ancaq qanunlara əlavə və dəyişikliklər bunları müzakirə etməyə imkan vermir. Təklifim ondan ibarətdir ki, əlavə və dəyişiklikləri bir neçə maddədə verək. Məsələn, keçən dəfə Hadi müəllim çıxış etdi, mən elə bildim, nəsə deyəcək. Hadi müəllim dedi ki, bu qanunda bir sözü dəyişmək lazımdır. Bəli, səsə qoyduq, bircə sözü dəyişdik. Bu gün isə dörd saatlıq iclas bir qanun layihəsinin müzakirəsinə ayrılıbdır. Mən təcrübəli bir deputat kimi belə bir təklifi irəli sürürəm.
İndi isə bu qanun layihəsi haqqında fikirlərimi bildirmək istəyirəm. 5 fəsil, 21 maddədən ibarət olan bu qanun ölkəmizdə süni maddələr tətbiq edilmədən əhalinin istehlakı üçün nəzərdə tutulan ekoloji cəhətdən təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı, emalı və dövriyyəsi ilə bağlı münasibətləri tənzimləyəcəkdir. Hesab edirəm ki, Azərbaycanda ekoloji məhsul istehsalını tənzimləyən qanuna çoxdan ehtiyac var. Belə bir sənədi hazırlamaq, qanun kimi qəbul etmək həm ölkəmizdə ekoloji cəhətdən təmiz ərzaq məhsullarının istehsalına münbit şərait yaradacaq, həm də tərkibində süni qarışıqlar olan məhsulların ölkəyə gətirilməsinin qarşısını alacaqdır. Bu bir həqiqətdir ki, son illər ölkəmizdə ekoloji şəraitlə bağlı yaranmış xəstəliklərə tutulma halları artmış və xəstəliklər cavanlaşmışdır. Bunun səbəbi kimi, ətraf mühitin çirklənməsi və satışda bir çox keyfiyyətsiz qida məhsullarının artması göstərilir. Bu qanun qüvvəyə mindikdən sonra ümidvaram ki, həmin sahədəki boşluqlar aradan qaldırılacaqdır.
Bundan başqa, ölkəmizdə kənd təsərrüfatının inkişafı və istehsal olunan məhsulların kəmiyyətinin deyil, keyfiyyətinin artması da mühüm bir məsələdir. Dünyanın inkişaf etmiş ölkələrində bu məsələyə xüsusi diqqət yetirilir. Belə ki, əkilən torpağın tərkibində kimyəvi maddələrin miqdarı normanı keçdikdə, həmin torpaqda məhsul becərilməsi dayandırılır, torpaqlar yuyularaq bu maddələrdən təmizlənir, sonra yenidən əkin üçün yararlı vəziyyətə gətirilir. Bizdə isə bu qaydalara əməl olunmur. Torpaq sahələrində illər uzunu məhsul becərilir və onun tərkibinin zəhərlənməsi heç kəsi narahat etmir. Həmin zərərli kimyəvi maddələr yetişən məhsulun tərkibində toplanır, beləliklə də, ondan istifadə edən şəxslərin orqanizmi zəhərlənir. Nəticədə də indiyədək adları bizə yad olan xəstəliklər yaranmağa başlayır. Çox yaxşı haldır ki, bu qanun layihəsində torpağın münbitliyinin bərpası, qorunması, saxlanması, artırılması, heyvanların ekoloji tələblərə uyğun bəslənməsi qaydalarının hazırlanması və tətbiqi nəzərdə tutulmuşdur.
Mən Eldar müəllimin ətraflı və məzmunlu məruzəsinə diqqətlə qulaq asdım. Kənd təsərrüfatı mütəxəssisi olmadığımıza görə bir çox məsələlər indi aydınlaşdı. Məlum oldu ki, torpaqda zəhərli maddələr 3 kiloqramdan artıq olduqda burada becərilən məhsul yararsız hesab edilir. Eldar müəllim dedi ki, sovet dövründə pambıq rayonlarında bir hektar torpağa 3 kiloqram əvəzinə 150−160 kiloqrama qədər zəhərli maddələr verilirdi. Sovet dövrü çoxdan keçib, həmin torpaq yenə də becərilir və oradan istifadə olunur. Deməli, həmin maddələrin əksəriyyəti yenə də torpaqda qalıb, bu torpaqlar məhsul verir, məhsuldan da biz istifadə edirik. Kimyəvi-sintetik, yəni süni maddələrin artımı məsələni daha da mürəkkəbləşdirir. Eldar müəllim bunu dəqiq faktlarla dedi və mən isə bir daha diqqətinizə çatdırıram. Bunun üçün nə etmək lazımdır? Bizdə bunu yerinə yetirmirlər, əməl olunmur. Növbəli əkin sisteminin ciddi şəkildə tətbiqinə nail olmaq lazımdır. Eldar müəllim düz deyir. Bizdə növbəli əkin sistemi yoxdur. Torpaq sahəsinə əvvəldən buğda əkilibsə, buğda əkilir, kartof əkilibsə, kartof əkilir. Növbəli əkin sistemi kənd təsərrüfatında ata-baba üsullarının tətbiq olunması deməkdir. Çox təəssüf ki, bu üsullar tətbiq olunmur.
Eldar müəllim bir məsələni də dedi. Mən bunu bütün deputat yoldaşlarımın diqqətinə çatdırmaq istəyirəm. Ekoloji kənd təsərrüfatı məhsullarına büdcə vəsaitinin xərclənməsinə məhdudiyyət qoyulmur. Dövlət büdcəsinin buraya tətbiqinə heç bir məhdudiyyət qoyulmursa, bundan istifadə etmək lazımdır. Çox qəribə bir misalın şahidi oldum. Məruzədə deyilir ki, fermerlərimiz bu qanun qüvvəyə minmədən də ekoloji kənd təsərrüfatını inkişaf etdirirlər. Qanun yoxdur, əlacları kəsilib, özləri bunu qanun şəklində tətbiq edirlər. Özü də böyük bir siyahını bizə təqdim edirlər. Deməli, bu qanunun tətbiqinə çox ciddi bir ehtiyac vardır. Mən bir dilçi kimi fikrimi demək istəyirəm. Astan müəllim də bu barədə məsələ qaldırdı. “Əsas anlayışlar” maddəsinin 1.2-ci hissəsində deyilir: “Bu qanunda işlədilən “ekoloji” termini “bioloji”, “üzvi” terminləri və ya onların sinonimləri ilə eyni mənaları ifadə edir”. Əvvəla, bu, qanuna yox, ümumiyyətlə, qanunçuluğa aid olan bir məsələdir. Yəni bu termin nədir? Termin təkmənalı sözdür. Ola bilməz. Termin nədir, sinonimlik qəti qadağandır. Termin təkmənalı sözdür. Yəni ya “ekoloji”, ya “bioloji”, ya da “üzvi” termini işlədilməlidir. Sinonimidir deyə, bunların üçünü də işlətmək düzgün deyil. Bu, qanunauyğunluq deyil.
Sonra, Astan müəllim burada çox gözəl bir təklif verdi. Qanun, ümumiyyətlə, əhali üçün aydın olmalıdır. Dili aydın olmalıdır. “Ekoloji kənd təsərrüfatı haqqında” sözlərini oxuyanda, dedim, görəsən, burada nədən danışılacaq? Layihəni oxuyanda başa düşdüm ki, ekoloji nə deməkdir. Yaxşı olar ki, bu termini xalq, əhali üçün anlaşıqlı bir sözlə və ya terminlə əvəz edək. “Təmiz kənd təsərrüfatı məhsulları haqqında qanun” kimi yazmaq olar. Onda başa düşülər ki, bu nə deməkdir. “Ekoloji” deyəndə adam başa düşmür. Yaxud “ekoloji” termini hökmən işlənməlidirsə, “Ekoloji cəhətdən təmiz kənd təsərrüfatı məhsulları haqqında qanun” adlandırmaq olar. Bu mənim bir dilçi olaraq təklifim idi.
Ümumiyyətlə isə qanun layihəsi mükəmməl işlənib. İkinci oxunuşda biz bunu diqqətlə nəzərdən keçirəcək və maddələr üzrə konkret təkliflərimizi irəli sürəcəyik. Amma onu qeyd etmək istəyirəm ki, qanun layihəsi çox təkmil və mükəmməl şəkildə işlənibdir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm, Nizami müəllim. Gülhüseyn Əhmədov.
G. Əhmədov. Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli həmkarlar! Bu gün müzakirə edilən Ekoloji kənd təsərrüfatı haqqında qanun layihəsi barədə hörmətli Eldar müəllim ətraflı məlumat verdi. Bu qanun kimyəvi maddələr tətbiq etmədən əhalinin tələbatı üçün nəzərdə tutulan kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, bazar münasibətləri məsələlərini, habelə cəmiyyətimizdə mövcud olan sosial, ekoloji və iqtisadi problemlərin həllini tənzimləyəcəkdir.
Keyfiyyətli kənd təsərrüfatı məhsullarının və ərzağın əldə edilməsi, həmin ərzağın təhlükəsizliyinə təminat verilməsi, ətraf mühitin mühafizəsi və torpaq münbitliyinin qorunması, təbii ehtiyatlardan səmərəli istifadə olunması kimi vacib problemləri aradan qaldırmaqla, kənd təsərrüfatının inkişafında, alternativ iş mənbələrinin yaradılmasında yardımçı rolunu oynayacaqdır. Qanunda ekoloji kənd təsərrüfatı məhsullarının sertifikatlaşdırılması, həmin məhsullara nəzarət edilməsi, onların nümayişi və satışı aydın göstərilmişdir.
Ekoloji kənd təsərrüfatı haqqında qanunun əsas məqsədi məhsul istehsalının təhlükəsizliyinə təminat verməkdir. Son illərdə, məlumdur ki, respublikamızda kənd təsərrüfatı məhsullarından nə qədər zəhərlənmələrin, insan sağlamlığına ziyan vuran hadisələrin şahidi oluruq. Heyvandarlıqda baş verən xəstəliklər bizim hamımıza məlumdur. Heyvandarlıq sahəsinin də ekoloji üsulla idarə olunmasına ciddi ehtiyac duyulur. İnsan sağlamlığının qorunması ətraf mühitin mühafizəsinin ən vacib şərtidir. Torpağın münbitliyini qorumaqla bərabər, ətraf mühitə çirkləndirici, zərərli təsirin, bitkiçilikdə süni mineral gübrələrdən, kimyəvi maddələrdən istifadə edilməsinin qarşısı alınmalıdır.
Hörmətli həmkarım Məjlum müəllim də qeyd etdi, əvvəllər – Sovet dövründə təsərrüfatlara gübrələr, əlbəttə, normadan artıq verilmirdi. Bu gün cənab Prezidentin yaratdığı şərait nəticəsində, demək olar ki, kənd əməkçilərinə kimyəvi gübrələrin verilməsi artırılıb, əlavə güzəştlər var. 10−12 il bundan qabaq, demək olar ki, heç gübrə verilmirdi, çünki tapılmırdı. O vaxtlarda hüquqi baza, qanun olmadığı üçün ekoloji kənd təsərrüfatı məhsulları istehsal olunduğunu deyə bilməzdik. Amma hər halda bu qanunun olması çox böyük köməklik göstərəcək.
Ekoloji məhsulun saxlanması, daşınması, idxalı və ixracı qaydaları qanunda aydın göstərilmişdir. Hesab edirəm ki, ekoloji kənd təsərrüfatı məhsullarının istehsalı üçün müntəzəm olaraq ixtisaslı kadrların hazırlanması da çox vacib məsələdir. Bu sahədə Kənd Təsərrüfatı Akademiyasında daha böyük işlər həyata keçirilir. Bu qanunun hazırlanmasında bu akademiyanın alimlərinin çox böyük əməyi olduğuna görə onlara öz razılığımı, minnətdarlığımı bildirirəm. Bütün bu işlərin ölkəmizdə həyata keçirilməsi vacib məsələdir. Əlbəttə, bu qanun qəbul olunduqdan sonra milli proqram hazırlanmalıdır. İnanıram ki, müvafiq təşkilatlar, eyni zamanda, Kənd Təsərrüfatı Akademiyasının böyük alimləri bu proqramın hazırlanmasında böyük fəallıq göstərəcəklər. Hesab edirəm ki, qanun konseptual baxımdan birinci oxunuşda qəbul edilməlidir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm. Jalə Əliyeva.
J. Əliyeva. Çox sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Bildiyiniz kimi, ekoloji kənd təsərrüfatı dünyada fəal şəkildə inkişaf edən sahələrdən biridir. 2002-ci ildə ekoloji məhsulların dünya bazarında həcmi 25 milyard Amerika Birləşmiş Ştatları dolları məbləğində qeydə alınıbdır. Bəzi proqnozlara görə 2020-ci il üçün ekoloji məhsulların dövriyyəsi 200−250 milyard ABŞ dolları məbləğində olacaqdır.
Ekoloji kənd təsərrüfatı şəraitində yetişdirilən məhsulların başqalarından fərqli, daha yüksək növ bazarı olur, istehlakçılara keyfiyyət və təmizliyin təminatını verir. Həmin məhsullar üçün müəyyən edilən qiymətlər bir qədər artıq olsa da, onlara tələbat çox böyükdür. Avropa İttifaqı ölkələrində, Amerika Birləşmiş Ştatlarında ekoloji məhsulların istehsalı zamanı tətbiq olunan metodlara münasibət zəruri tələblər, müəyyən edilən standartlar, başqa sözlə desək, direktivlər əsasında formalaşır. Ekoloji kənd təsərrüfatının əsas mahiyyəti kənd təsərrüfatı sahəsində sahibkarlıq fəaliyyətinin təbiətlə əlaqələrinin kompleks şəkildə nəzərə alınmasından ibarətdir. Məhz bu tələblər nəzərə alınmaqla, insan sağlamlığına təhlükə yaratmayan ekoloji təmiz məhsullar istehsal etmək mümkündür.
Dünya, xüsusilə də Avropa İttifaqı bazarına inteqrasiya iqtisadi fəaliyyətin müəyyən edilmiş qayda və tələblərə uyğun şəkildə aparılmasını tələb edir. Həmin tələblərdən biri də ekoloji cəhətdən təmiz məhsulların buraxılmasıdır. Bu baxımdan müzakirəmizə təqdim edilən Ekoloji kənd təsərrüfatı haqqında qanun layihəsi olduqca aktualdır.
Qanun layihəsi qanunvericilik texnikasının tələbləri nəzərə alınmaqla işlənib hazırlanmışdır. Təbii ki, mən bu qanun layihəsinin lehinə səs verəcəyəm və həmkarlarımı da buna dəvət edirəm.
Qanun layihəsində mövcud olan bəzi qüsurların aradan qaldırılması və onun təkmilləşdirilməsi məqsədi ilə fikirlərimi bildirmək istəyirəm. Birinci təklifim preambula hissəsi ilə bağlıdır. Layihənin bu hissəsində “ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı, emalı, dövriyyəsi” yazıldığı halda, 1.1.1-ci maddədə “ekoloji təmiz məhsulların istehsalı, emalı, dövriyyəsi” kimi qeyd olunub. Həmin və 1.1.2-ci maddənin mahiyyətinə uyğun olaraq “ekoloji təmiz məhsullar” anlayışı kənd təsərrüfatında istehsal edilən bütün məhsulları, o cümlədən ərzaq məmulatlarını da ehtiva edir. Yuxarıda qeyd olunan terminlərin tətbiqində eyniliyi təmin etmək üçün layihənin preambula hissəsində müvafiq düzəlişlərin aparılması məqsədəuyğun olardı.
İkinci təklifim də yenə 1.1.1-ci maddə ilə bağlıdır. Həmin maddədə “ekoloji məhsul istehsalının şərtlərinə uyğun” sözlərindən istifadə edilmişdir, lakin onların nədən ibarət olduğu qanun layihəsində tam açıqlanmır. Yaxşı olardı ki, qanun layihəsində həmin şərtləri müəyyən edən xüsusi bir norma təsbit edilsin.
Qanun layihəsinin 3.0.1-ci maddəsində “ekoloji metodlar və təcrübə əsasında keyfiyyətli kənd təsərrüfatı məhsullarının və ərzağın istehsalı və onların təhlükəsizliyinə təminat verilməsinə” ifadəsi verilmişdir. Burada “kənd təsərrüfatı məhsullarının təhlükəsizliyinə təminat” deyil, “əhalinin sağlamlığının qorunması baxımından təhlükəsizliyinə təminat” yazılması daha düzgün olar. Digər bir təklifim 4-cü maddənin adında və mətnində istifadə edilən “ekoloji kənd təsərrüfatı” ifadəsi ilə bağlıdır. Bu ifadədən sonra, yəqin ki, “fəaliyyəti” sözü də əlavə edilməlidir, çünki prinsipcə burada bu işin fəaliyyəti ilə bağlı olan məsələlərdən söhbət gedir.
Sonuncu iradım yenə 4-cü maddə ilə əlaqədardır. 4.0.1-ci maddədə “aqroekosistem” sözündən istifadə edilmişdir. Yeni termin olduğundan və qanun layihəsini gələcəkdə tətbiq edən orqanların işini asanlaşdırmaq üçün bu anlayışın izahının verilməsini məqsədəuyğun sayıram. Çox hörmətli professorumuz, bizim Azərbaycan dilinin qayğısına qalan, onun təmizliyi uğrunda hər zaman mübarizə aparan, öz sözünü deyən Nizami Xudiyev bayaq “ekoloji” sözü ilə əlaqədar fikirlərini bildirdi. Mən onun fəaliyyətinə böyük hörmətlə yanaşıram. Eyni zamanda, bunu da deməyi özümə borc bilirəm ki, “ekoloji” termini dilimizdə artıq çoxdan vəsiqə qazanmışdır. Bu, sadəcə olaraq, “təmiz” məzmunu daşımayan bir ifadədir və daha geniş mənaları ehtiva edir. Elə hesab edirəm ki, bu ifadə tamamilə yerində və düzgün işlədilmişdir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm. Əli Məsimli.
Ə.Məsimli. Təşəkkür edirəm. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Ekoloji kənd təsərrüfatı bilavasitə insan sağlamlığı, insan kapitalı və davamlı inkişafla əlaqədar olduğuna görə strateji əhəmiyyət kəsb edir. Ona görə də ekoloji kənd təsərrüfatına dair mükəmməl qanunvericilik sənədinin hazırlanmasına böyük ehtiyac var.
Mən başqa formada çıxış etmək niyyətində idim, amma burada qaldırılan məsələləri nəzərə alaraq fikirlərimi 3 sual ətrafında qurmaq istəyirəm. Birinci, “ekoloji kənd təsərrüfatı” məfhumu, ikinci, Ekoloji kənd təsərrüfatı haqqında qanunun konsepsiyası, üçüncü, Ekoloji kənd təsərrüfatı haqqında qanunun reallaşma mexanizmi ilə bağlı fikirlərimi deməyə çalışacağam.
Birinci məsələ ilə bağlı. Artıq müxtəlif ölkələr tərəfindən dövriyyəyə “ekoloji cəhətdən təmiz” anlayışı altında ayrı-ayrı məhsullar buraxılır. Mən bunları 4 qrupa bölürəm. Birinci, “bioloji kənd təsərrüfatı” ifadəsindən istifadə edilir. Buna Avstriya, Almaniya, İsveçrə, İspaniya, Fransa, İtaliya dövlətlərini misal gətirmək olar. İkinci, “ekoloji kənd təsərrüfatı”ndan İsveçdə, Norveçdə, Danimarkada və İspaniyada istifadə olunur. Üçüncü, “üzvi kənd təsərrüfatı”dır ki, bunu Amerika Birləşmiş Ştatlarında, Böyük Britaniyada işlədirlər. Dördüncü “təbii kənd təsərrüfatı” adlanır. Bu ifadə Finlandiyaya, keçmiş SSRİ-yə daxil olan respublikalara, o cümlədən Moldova, Estoniya və digər Baltikyanı ölkələrə aiddir. Ölkələrin qanunvericiliyində “ekoloji kənd təsərrüfatı” ifadəsi daha çox işləndiyinə görə, görünür, bizim müəlliflər də bunu nəzərə alaraq qanun layihəsini belə adlandırıblar. Bu ad xeyli dərəcədə təmiz məhsulun sinonimi kimi çıxış edir.
Bu istiqamətdə hazırlanan qanunlara diqqət edəndə görürük ki, Azərbaycanın indi təqdim olunan qanun layihəsində beynəlxalq təcrübə kifayət qədər nəzərə alınıbdır. Biz, əsasən, qanunlarımızı ənənəvi surətdə Rusiyanın hüquq bazası ətrafında hazırlayırıq. Bu, əksinə, Rusiya qanunları əsasında hazırlanmayıbdır. Burada digər ölkələrin, məsələn, kənd təsərrüfatının inkişafında xüsusi yer tutan Moldovanın modelindən daha çox istifadə olunubdur. Mən bunu müsbət qiymətləndirirəm.
Hesab edirəm ki, qanunun konsepsiyası kifayət qədər düzgündür. Daha bir məqamı qeyd etmək istərdim. Qanunun quruluşuna baxdıqda, burada kənd təsərrüfatı tarladan, bağdan, bostandan və sairdən istifadəçinin, istehlakçının süfrəsinə qədər olan bütün mərhələləri əhatə edir. Bu mərhələlərdə irəli sürülən normativlər, əslində, elə onun reallaşma mexanizmi, ümumi cəhətidir. Ümumi cəhətlər olduğuna görə, təbii ki, onun reallaşmasının konkretləşdirilməsinə böyük ehtiyac var. Ona görə mən bu məsələyə xüsusi diqqət yetirilməsini qeyd etmək istərdim.
Azərbaycan müqayisədə ekoloji kənd təsərrüfatı məhsulları istehsalının artırılmasında üstünlüyə malikdir. Respublika həm də bu sahədə bir sıra problemlərlə rastlaşır. Əvvəlcə onu qeyd edim ki, indi dünyanın 120 ölkəsi “Ekoloji kənd təsərrüfatı məhsulu istehsalı” hərəkatına qoşulub. Azərbaycanın orada özünə layiq yer tutmaq imkanları böyükdür. Birinci, neçə illərdən bəri torpağa verilən zəhərli maddələrin təsiri azalıb. Torpaq bir növ, elə bil ki, dincəlib, həmin maddələrdən azad olub. Bu, torpağın təmizlənməsi kontekstində ekoloji kənd təsərrüfatı məhsulu üçün, indi çıxışda deyildiyi kimi, 20 min hektar yox, daha çox torpağın ayrılmasına şərait yaradır.
İkinci, bizim ənənəvi, köhnə üsullarla kənd təsərrüfatı məhsullarının istehsal edilməsi istiqamətində kifayət qədər təcrübəmiz var. Həmin təcrübəni davam etdirməklə ekoloji kənd təsərrüfatı məhsulunu artıra bilərik. Amma bir məqamı həm çatışmazlıq, həm də üstünlük kimi qeyd etmək lazımdır. Bu da Azərbaycanda xırda təsərrüfatların çox olmasıdır. Həmin təsərrüfatları, ümumiyyətlə, bir istiqamətə yönəldib ekoloji kənd təsərrüfatı məhsulu istehsal etmək müəyyən çətinliklər yaradacaqdır. Onun reallaşma mexanizminin mühüm çətinliyi bundadır. Amma onu da qeyd edək ki, həmin təsərrüfatlarda texnika və gübrələrdən az istifadə edilməsi məhz orada ekoloji kənd təsərrüfatı məhsulunun istehsalını artırmağa imkan verəcəkdir.
Azərbaycanda kənd təsərrüfatı məhsulunun istehsalında qiymət artımı ilə bağlı bir sıra problemlər yaranıb. Söhbət ondan gedir ki, enerji daşıyıcılarının qiyməti qalxandan sonra Azərbaycanda məhsul istehsalının artırılmasına stimul yaranıbdır. Yəni qiymətlər qalxıb, kənd təsərrüfatı məhsulları bahalaşıb. Bu, həm istehsalın artırılmasına stimul yaradır, həm də xaricdən keyfiyyətsiz malların gətirilməsi təhlükəsini artırır. Burada mexanizmi elə qurmaq lazımdır ki, Azərbaycanda ziyanlı maddələrlə dolu məhsulların istehsalına yox, ekoloji məhsulların istehsalının artırılmasına diqqət yetirilsin. Bu sahədə stimullaşdırma aparılsın. İkinci, insan orqanizmi üçün ziyanlı olan məhsulların xaricdən ölkəmizə gətirilməsinin qarşısının alınması istiqamətində də ciddi işlər görülməlidir. Bu, hesab edirəm ki, qanunun mexanizmində kifayət qədər sistemli şəkildə öz əksini tapmalıdır.
Burada, həmçinin yeni bir qurumun yaradılmasına ehtiyac duyulur. Həmin qurum Kənd Təsərrüfatı Nazirliyi ilə hansı münasibətdə olacaq, necə işləyəcək sualına isə aydınlıq gətirilməlidir. Onların, eyni zamanda, ekoloji kənd təsərrüfatı məhsuluna iki mərhələdə – həm keçid, həm də əsas mərhələdə sertifikat verməsini məqsədəuyğun hesab edirəm, çünki bəzi ölkələrdə çoxsaylı ekoloji sertifikatlardan istifadə edilməsi əhalini, istehlakçıları çaşdırır, xeyli əlavə problemlər yaradır.
Bir işlək mexanizmin yaradılmasına isə imkan vermək olmaz. Süni surətdə zəhərli məhsulların ekoloji təmiz məhsul kimi qələmə verilməsi sertifikatının alınmasına da imkan yaratmaq olmaz. Bunun üçün ciddi cəza tədbirlərinin həyata keçirilməsi barədə fikirləşmək lazımdır, çünki burada xeyli dərəcədə qarışıqlıq olub. Məhsulun keyfiyyətini yaxşılaşdırmadan 30−40 faiz qiymət artımı vasitəsi ilə əlavə gəlir əldə etmək cəhdlərinə yol verməməyə, bunun qarşısını almağa ehtiyac var. Ekoloji kənd təsərrüfatı məhsulu istehsalına impuls verən amilləri bir araya gətirəndə burada deyilənləri mən də qəbul edirəm. Bundan əlavə, bütün dünya praktikası göstərir ki, ekoloji kənd təsərrüfatı məhsulunun artırılmasının əsas impulsu bazardır. Bazar genişlənsə, ekoloji kənd təsərrüfatı məhsulu istehsalı yüksələcək. Bazar genişlənməsə, bu, olmayacaq. Deməli, bu gün Azərbaycanda istehsal olunan ekoloji kənd təsərrüfatı məhsulu, təbii ki, Azərbaycanın özünün tələbatına uyğun deyil. İlk növbədə daxili bazarın ödənilməsi üçün bu istehsal genişləndirilməlidir. Amma beynəlxalq praktikadan da məlumdur ki, ekoloji kənd təsərrüfatı məhsullarının istehsalını genişləndirən zaman dövlət dəstəyinə böyük ehtiyac olur. Məsələn, İsveçdə ekoloji kənd təsərrüfatı məhsullarının istehsalını stimullaşdırmaqdan ötrü ilk mərhələdə fermerə dəyən ziyanı kompensasiya etmək üçün 130 dollardan 460 dollara qədər subsidiya verilir. Bu, kifayət qədər yüksək bir rəqəmdir. Ona görə də kənd təsərrüfatına ayrılan vəsaitdə ekoloji kənd təsərrüfatına ayrılan vəsaitin həcminin artırılmasına böyük ehtiyac var. Bu, Ümumdünya Ticarət Təşkilatına daxil olan zaman bizim qarşımıza qoyulan kənd təsərrüfatına subsidiyanın azaldılması tələbini də yumşalda bilər. Ona görə ki, ekoloji kənd təsərrüfatına vəsait ayırmağa heç bir məhdudiyyət yoxdur. Hesab edirəm ki, bu, Azərbaycan üçün xeyirlidir.
Ən vacib məsələlərdən biri ondan ibarətdir ki, qanunda ekoloji kənd təsərrüfatı məhsullarının istehsalında dövlətlə istehsalçılar arasında münasibətlər öz əksini tapıb. Amma burada istehsalçılar arasında olan münasibətlər öz əksini tapmayıb. Azərbaycan çərçivəsində istehsalçılar arasında olan münasibətlərin qanunda öz əksini tapması, eyni zamanda, Azərbaycan istehlakçıları ilə dünya ölkələrindən olan istehsalçılar arasında əlaqənin qurulması bir sıra layihələrin reallaşmasına imkan verər ki, bu da büdcəyə ağırlıq qoymadan beynəlxalq təşkilatların vəsaiti hesabına Azərbaycanda ekoloji kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasına imkan verər. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Gültəkin Hacıyeva.
G. Hacıyeva. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Mən ilk öncə Aqrar siyasət daimi komissiyasının üzvlərini və xüsusilə də onun sədri hörmətli Eldar müəllimi bu qanun layihəsinin hazırlanması münasibəti ilə təbrik edirəm və onlara təşəkkürümü bildirirəm ki, çox ağrılı və çox mühüm bir sahəyə növbəti dəfə diqqətimizi cəlb ediblər. Kənd təsərrüfatı Azərbaycan üçün strateji bir sahədir. Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin qeyri-neft sektorunun inkişafına xüsusi önəm verdiyini və dəfələrlə neft gəlirlərindən asılılığın azaldılması istiqamətində çox ciddi addımların atılması zərurətini qeyd etdiyini nəzərə alsaq, onda kənd təsərrüfatının önəmi hər birimiz üçün aydın olacaq. Təəssüflər olsun ki, Azərbaycan yüksək texnologiyalar və turizmdən böyük gəlirlər götürən ölkə deyil. Bu gün Azərbaycanın qeyri-neft sektorunda inkişaf edə biləcək ən real, ən gerçək sahə kənd təsərrüfatıdır. Bu gün müzakirə predmeti olan ekoloji kənd təsərrüfatı da, ümumiyyətlə, kənd təsərrüfatının tərkib hissəsidir.
Mən ilk öncə qanunun adı ilə bağlı fikrimi bildirmək istəyirəm. Bu qanunun gerçək mənası belədir: təbii kənd təsərrüfatı haqqında qanun. Bir çox dünya ölkələrində qanunun adı məhz belə adlanır. Ancaq qanunun adında “ekoloji” termininin olması da qəbahət deyil. Sadəcə olaraq, mən o fikirlə razıyam ki, söhbət ekoloji təmiz kənd təsərrüfatından getməlidir. Çünki bilirik ki, “ekoloji” termini yunan sözüdür, yer haqqında, ev haqqında, ətraf haqqında elm deməkdir. “Ekoloji” sözü özlüyündə müsbət üslubi yükə malik deyil, neytral üslubi yükü olan sözdür. Biz ekoloji təmiz məhsul haqqında danışdığımız kimi, ekoloji çirklənmiş məhsullar haqqında da, ekoloji çirklənmədən də danışa bilirik. O baxımdan düşünürəm ki, bu qanunun adında “ekoloji təmiz” ifadəsinin işlənməsinə ehtiyac var. Qanun mahiyyət etibarilə ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalının stimullaşdırılmasına xidmət edir. Bu baxımdan qanunun məhz Ekoloji təmiz kənd təsərrüfatının stimullaşdırılması haqqında Azərbaycan Respublikasının qanunu adlandırılması məntiqi baxımdan daha düzgün olardı.
İndi isə qanunun mahiyyəti ilə bağlı fikirlərimi bildirmək istəyirəm. Ümumilikdə, bir daha qeyd etmək istəyirəm ki, ekoloji təmiz kənd təsərrüfatının inkişafı bütövlükdə kənd təsərrüfatının inkişafı olmadan mümkün deyil. Yəni bu, kənd təsərrüfatının çox mühüm bir sahəsidir və biz getdikcə kənd təsərrüfatını tamamilə ekoloji təmiz məhsulların istehsalı istiqamətinə yönəltməliyik. Bu gün, ümumilikdə, Azərbaycanın kənd təsərrüfatında vəziyyət necədir? Düşüncəmə görə, bu gün Azərbaycan üçün strateji cəhətdən vacib olan sahələrdən biri kənd təsərrüfatıdır və bu sahəyə çox böyük qayğı, diqqət göstərilməlidir. İlk öncə bu, əhalinin ərzaq təhlükəsizliyinin təmin olunması baxımından çox vacibdir. İndiki siyasi reallıqları və Azərbaycanın gələcəkdə işğal edilmiş ərazilərini azad etmək istiqamətində müəyyən addımlar atmalı olduğunu nəzərə alsaq, görərik ki, ölkəmizin ərzaq təhlükəsizliyinin təmin olunması çox vacibdir.
Bu gün kənd təsərrüfatında vəziyyət, doğrudan da, ürəkaçan deyil. Biz keçən bir neçə ildə kənd təsərrüfatında geriliyin şahidi olduq və bundan sonra Azərbaycan Respublikasının Prezidenti çox mütərəqqi, çox gözəl addım atdı və hər hektar səpinə görə insanlara 40 manat vəsait ödədi. İndi isə biçin zamanı 50 manat ödəniləcək. Kənd təsərrüfatı rayonlarından seçilən hər bir millət vəkili görür ki, artıq kənd təsərrüfatında çox ciddi irəliləyişlər yaranıb və nəticə göz qabağındadır. Bu bir daha sübut edir ki, kənd təsərrüfatına qayğı nə qədər çox olacaqsa, kənd təsərrüfatından götürdüyümüz fayda da bir o qədər çox olacaq.
Kənd təsərrüfatının inkişafı üçün ilk növbədə görüləcək iş irriqasiya sistemlərinin dəyişdirilməsidir. Azərbaycanda bu gün mövcud olan irriqasiya suvarma sistemləri 60−70-ci illərin tələblərindən uzağa getmir. Trinaj sistemləri bərbad vəziyyətdədir. Bunun nəticəsində torpaqlarımız şoranlaşır, su itkiyə gedir. Fermerlər zəruri miqdarda sudan istifadə edə bilmirlər, nəticədə torpaqlar şoranlaşır. Bu gün Azərbaycanda kənd təsərrüfatında məhsuldarlıq göstəricisi çox aşağıdır. Bu gün bir nəfər kəndli 3 nəfər şəhər sakinini dolandıra, ərzaq məhsulları ilə təmin edə bilir. Halbuki dünyanın müxtəlif ölkələrində bu məsələ bizdən tamamilə fərqlidir. Bu sahədə ən yüksək göstərici İsraildə qeydə alınıb. Orada 120− 150 nəfəri bir kəndli kənd təsərrüfatı məhsulları ilə təmin edə bilir. Avropada bu göstərici İsraildən bir az aşağıdır, amma ümumiyyətlə, Azərbaycanla müqayisədə görürük ki, fərq çox böyükdür. Bu, kənd təsərrüfatında məhsuldarlığın ölkəmizdə aşağı səviyyədə olmasının göstəricisidir. Bunun üçün çox işlər görülməlidir, ilk növbədə irriqasiya sahəsində çox ciddi addımların atılmasına ehtiyac var.
Şəxsən mən kənd təsərrüfatı rayonundan seçilmiş bir millət vəkili olaraq, Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətini, demək olar ki, görmürəm. Təəssüf ki, bu, yalnız kağız üzərində olan fəaliyyətdir. Əgər biz Kənd Təsərrüfatı Nazirliyinin yerlərdə olan bitkiçiliyin mühafizəsi, baytarlıq, texniki nəzarət idarələrinə, toxumçuluq, aqrokimya laboratoriyalarına nəzər salsaq, görərik ki, bunların fəaliyyəti hansı səviyyədədir. Aqrokimya laboratoriyalarında torpağın aqrokimyəvi təhlilinin aparılması üçün ən elementar avadanlıq belə yoxdur. Biz tez-tez deyirik ki, növbəli əkin sistemindən istifadə olunmur. Bunun üçün aqrokimyəvi laboratoriyalarda müvafiq avadanlıq olmalıdır. Torpağın aqrokimyəvi göstəriciləri öyrəniləndən sonra orada növbəli prinsiplə hansı məhsulun əkilməsi ilə bağlı müəyyən fikirlər səslənməlidir.
Biz bu gün gübrədən istifadənin aradan qaldırılmasından danışırıq. Ancaq bu gün nəzərə almalıyıq ki, zəruri olan gübrənin də heç 10 faizi torpaqlarımıza verilmir və ümumiyyətlə, kənd təsərrüfatında bu gübrələrdən istifadə edilmir. Bir çox məsələlər var ki, bunları müzakirə etmək lazımdır. Çox istərdim ki, bizim Aqrar siyasət daimi komissiyası kənd təsərrüfatının strategiyası ilə bağlı müəyyən addımlar atsın. Biz birlikdə qanun layihəsi hazırlayaq və müzakirə keçirək.
Bir daha qeyd edim ki, kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının perspektiv inkişaf baxımından çox mühüm bir sahəsidir. Mən maraqlanmışam, keçən il kənd təsərrüfatının kreditləşməsinə dövlət büdcəsindən cəmi 5 milyon manat vəsait ayrılıb. Lakin bu problemin həlli üçün, sözsüz ki, hər hektara görə 40 manatdan pul ödənilir. Ancaq insanları ələbaxımlığa da öyrətmək olmaz. Bu baxımdan problemin ən düzgün, ən məqsədyönlü həlli kənd təsərrüfatının kreditləşdirilməsi ilə bağlı bir qanunun qəbul edilməsidir. Azərbaycan bu gün çox qüdrətli, güclü iqtisadiyyata malik olan bir dövlətdir və Azərbaycanın gəlirlərinin bir hissəsi xarici banklarda yerləşdirilir. Bu gün dünyada çox ciddi iqtisadi böhran olduğu üçün bu vəsaitin hər il öz dəyərini 12−15 faiz itirməsinin şahidi oluruq. Mən çox istərdim ki, biz bu vəsaitin bir hissəsini kreditlər şəklində kənd təsərrüfatına yönəldək. Bunun həm xeyri daha çox olar, həm də dövlət büdcəsinə banklardakı faizlərdən daha yüksək gəlir verə bilər.
Ümumiyyətlə, ölkəmizin ərzaq təhlükəsizliyini təmin etməklə iqtisadiyyatımızı inkişaf etdirəcəyik və hər ilin sonunda büdcənin müzakirəsi zamanı dövlət gəlirlərinin ümumi çəkisində Bakını və Abşeronu çıxmaqla digər rayonların çox böyük dotasiya almasının şahidi olmayacağıq. Bu çox mühüm bir sahədir və mən bir daha çıxışımın sonunda hörmətli həmkarlarımdan xahiş edərdim ki, kənd təsərrüfatının inkişafına, o cümlədən ekoloji təmiz kənd təsərrüfatı məhsullarının stimullaşdırılmasına qayğımızı və diqqətimizi bundan sonra daha da artıraq. Mən bu sahədə çox ciddi fəaliyyət göstərən Aqrar siyasət daimi komissiyasına və bütün həmkarlarıma uğurlar arzulayıram. Bu, vacib bir qanun olduğu üçün mən bu qanun layihəsinə səs verəcəyəm və ikinci oxunuşda isə konkret maddələrlə bağlı müəyyən təkliflərimi səsləndirəcəyəm. Konseptual baxımdan isə qanun layihəsini, yəqin ki, bu gün hamımız dəstəkləyəcəyik. Sağ olun.
Sədrlik edən. Sağ olun. Nizami müəllim, Siz çıxış etdiniz.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Nə isə demək istəyirsiniz? Buyurun.
N. Xudiyev. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Burada müəyyən mübahisə yarandı, ona öz münasibətimi bildirmək istəyirəm. Əvvəla, hər bir elm sahəsinin öz qanunları və öz qanunauyğunluqları var. Mənim hörmətli deputat həmkarlarım bunu unutmasınlar. Əvvəla, terminlər təkmənalı sözlərdir. Yəni onun sinonimi ola bilməz. Terminologiyada sinonimlik qadağan olunan bir problemdir, ona görə mən təklifimi irəli sürdüm. Mən “ekoloji” sözünə etiraz etmədim. Bütün dünyada bu söz işlənir və bizim ekologiya nazirliyimiz də var. Burada hərə öz əlavə fikirlərini dedi. Astan müəllim dedi ki, “ekoloji təmiz kənd təsərrüfatı” ifadəsi işlədilsin. Mən isə təklif edərdim ki, bu, əhalinin başa düşəcəyi şəkildə Ekoloji cəhətdən təmiz kənd təsərrüfatı məhsulları haqqında qanun layihəsi adlandırılsın. Mənim təklifim bundan ibarət oldu və bu, tamamilə düzgündür. Burada Əli müəllim gözəl çıxış etdi, dedi ki, Avropa ölkələrinin birində “ekoloji”, o birində “bioloji”, digərində “üzvi” sözlərindən istifadə edirlər. Ancaq onların heç birində üçünü bir yerdə işlətmirlər. Üçünü bir yerdə yalnız bizdə işlədirlər. Mən də təklif edirəm ki, üçündən birini seçək. Qanunun 1.2-ci maddəsində yazılır: “Bu qanunda işlədilən “ekoloji” termini “bioloji”, “üzvi” terminləri və ya onların sinonimləri ilə eyni mənaları ifadə edir”. Mən də dedim ki, termin sinonim ola bilməz, bu maddəni çıxaraq. Mən belə təklif etdim və mənim təklifim dil qanunlarına uyğundur. Qanun hökm verməlidir, mübahisə açmamalıdır. Burada isə mübahisə açılır. O cəhətdən Gültəkin xanımın dediyi mənim fikrimi təsdiqləyir. Sağ olun.
Sədrlik edən. Bununla əlaqədar mən də öz fikrimi bildirmək istəyirəm. Bu qanun layihəsi hələ komissiyada müzakirə olunanda hörmətli Eldar müəllimə mən fikrimi söyləmişdim. Eldar müəllimə mən xüsusi təşəkkürümü, minnətdarlığımı bildirirəm. Ümumiyyətlə, Eldar müəllimin məruzələri həmişə çox maraqlı olub. Bu gün onun etdiyi məruzə, sözün həqiqi mənasında, elmi bir məruzə idi və biz çox şey öyrəndik.
Eldar müəllim, əgər yadınızdadırsa, mən bu qanun layihəsinin adı ilə bağlı “ekoloji” sözünün etimologiyası ilə çox maraqlandım, lüğətlərə baxdım. Məndə elə bir fikir formalaşdı ki, “ekoloji” sözü heç də həmişə “ekoloji cəhətdən təmiz” ifadəsini özündə ehtiva etmir. Məsələn, ekologiyaya zərərsiz göbələk də, zərərli göbələk də daxildir. Amma bizə zərərsiz göbələk lazımdır. Bu qanun deyir ki, bizə ekoloji cəhətdən təmiz məhsul lazımdır. Hörmətli Əli müəllim bu anlayışın müxtəlif ölkələrdə necə ifadə olunması barədə məlumat verdi. Rusiyanı misal gətirdi. Ruslar demirlər ki, “экологический продукт”, deyirlər ki, “экологически чистый продукт”. Ona görə hesab edirəm ki, “ekoloji kənd təsərrüfatı” anlayışı heç də “ekoloji cəhətdən təmiz kənd təsərrüfatı” anlayışını ehtiva etmir. Ona görə də mən Nizami müəllimin o fikrini dəstəkləyirəm ki, burada “ekoloji cəhətdən təmiz” anlayışı olmalıdır.
Bir məsələni də deyim. Biz bu terminləri dilimizə gətiririk, bəzən heç dilçilərlə də məsləhətləşmirik. Məsələn, Azərbaycan dilində birinci, ikinci və üçüncü növ təyini söz birləşmələri var. “Kənd təsərrüfatı” ikinci növ təyini söz birləşməsidir. “Ekoloji kənd təsərrüfatı” hansı növ təyini söz birləşməsidir? Yəni bu dilin qanunauyğunluqları aradan çıxır. Problem ondadır. Bizlər bunun mahiyyətinə varmırıq, sonra dilin başqa problemləri meydana çıxır. Ona görə Azərbaycan dilinin qanun-qaydalarına hörmətlə yanaşmalıyıq.
Burada kənd təsərrüfatı nazirinin müavini hörmətli Bəhram Əliyevin başçılığı ilə mütəxəssislər əyləşiblər. Kənd Təsərrüfatı Akademiyasının kafedra müdiri Amin Babayev burada iştirak edir. İstəyirəm, o bu məsələlərə aydınlıq gətirsin. Buyurun, Amin müəllim.
A. Babayev, Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının kafedra müdiri.
Söz verdiyinizə görə sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Mən Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında Torpaqşünaslıq və ekoloji kənd təsərrüfatı kafedrasının müdiriyəm. Xeyli müddətdir Azərbaycanda bu problemin elmi tərəfləri ilə məşğulam. Bu gün bir mütəxəssis kimi qürur hissi keçirirəm. Ona görə ki, bu gün müzakirəyə sanballı bir qanun çıxarılıb. Onun hər maddəsinə diqqət yetirəndə görürsən ki, bunun üzərində çox yüksək səviyyəli ekspertlər işləyiblər.
Qanunla əlaqədar bir neçə məqama toxunmaq istərdim. Belə qanunların qəbul olunması dünyəvi proses, ekoloji kənd təsərrüfatı hərəkatı dünyəvi bir hərəkatdır. Beynəlxalq ekspertlərin fikirlərinə görə, dünyada insanın dağıdıcı fəaliyyəti əgər bugünkü templə davam edərsə, 50 ildən sonra bəşəriyyətin inkişafı dayana bilər. İnsanın dağıdıcı fəaliyyətinin təsirinə məruz qalan sahələrdən biri də kənd təsərrüfatıdır, torpaqla bağlıdır. Hər il 2 milyard ton torpaq səthi axar sular vasitəsi ilə dənizlərə və okeanlara axıdılır.
Mən də sizin hamınız kimi fikirləşirəm ki, gec-tez, Allahın köməkliyi ilə biz Qarabağ torpaqlarını geri qaytaracağıq. Amma bu gün Azərbaycanda torpaq istifadəçiliyinin vəziyyəti həqiqi həyəcan doğurur. Bu qanunun qəbul olunması bu gün pərakəndə və xırda torpaq istifadəçiliyi şəraitində müəyyən neqativ proseslərin inkişafını dayandıra bilər.
Respublikada 870 min ailə, yəni torpaq istifadəçisi var. Hər ailənin öhdəsində olan torpaqların sahəsi 1,5−2 hektardır. Kimin ağlı necə kəsir, elə istifadə edir. Məjlum müəllim çox yaxşı qeyd etdi ki, sovet dövründə biz Azərbaycana 600 min ton gübrə gətirirdik. Bu gün torpaqlar əkilir, ancaq heç kim gübrə vermir. Amma ata-babadan qalma bioloji üsullar var, torpaqdan istifadə olunmasının ata-baba qaydaları var. Sadə bir misal, meşəyə kim gübrə verir? Meşədə qapalı bioloji dövran baş verir. Bu gün torpaq istifadəçilərinə bu həqiqəti çatdırmaq üçün bu qanun lazımdır.
Məqamdan istifadə edib bir faktı demək istəyirəm. Portuqaliyanı və İspaniyanı 10 il Avropa Birliyinə qəbul etmədilər. Avropa ekspertlərinin fikri belə idi ki, bu ölkədə xırda fermerçiliyin xüsusi çəkisi həddindən artıq böyükdür. Yəni bugünkü xırda pərakəndə torpaq istifadəçiliyi şəraitində Azərbaycanda torpaqların münbitliyinə böyük təhlükə var. Bu nöqteyi-nəzərdən bu qanun layihəsinin qəbul olunması bizə, Azərbaycana hava və su kimi lazımdır.
İkinci bir məqam. Bugünkü sivil dünyada hər il ümumi dəyəri 5 milyard dollar olan zəhərli maddələr tətbiq olunur. Ancaq bunların effektivlik dərəcəsi 1−2 faizdir. Qalan 98 faizi biz havanın, suyun, torpağın çirklənməsinə sərf edirik.
Digər tərəfdən, Azərbaycan BMT-nin “Davamlı inkişaf konsepsiyası”na qoşulub. Bizim milli proqramımız var. Biz o konsepsiyaya qoşulanda öz üzərimizə öhdəliklər götürmüşük. Bu öhdəliklərdən biri ölkədə davamlı inkişafı təmin eləməkdən ötrü davamlı kənd təsərrüfatını yaratmaqdır. Davamlı kənd təsərrüfatının modeli bugünkü sivil dünyada ekoloji kənd təsərrüfatıdır.
Mən burada çıxış eləyən deputatların çıxışlarından xüsusi qürur hissi duydum. Kimin çıxışına qulaq asdımsa, gördüm ki, dünya informasiyasına malikdir. Yəni qanunun müzakirəsi bu səviyyədə gedir. Ancaq bir neçə təkliflə əlaqədar özümdə olan informasiya çərçivəsində fikrimi bildirmək istərdim.
Bəzilərində qanunun necə adlanması böyük narahatçılıq doğurur. Yəqin ki, Avropaya və digər ölkələrə tez-tez səfərləriniz olur. Orada çoxlu biomarketlər, yəni ekoloji təmiz məhsul satılan marketlər var. Hansı məhsulu alsanız, ölkədən asılı olaraq görərsiniz, üstündə üç hərf yazılıb – “bio” və ya “eko”. Bu o deməkdir ki, bu məhsul bioloji və ya ekoloji baxımdan təmiz məhsuldur. Məsələn, Skandinaviya ölkələrində məhsulun üzərində “eko” yazılır. Bu gün “ekoloji” sözü Azərbaycan təfəkkürünə çox yaxındır, “ekoloji” sözü işlənəndə artıq başa düşülür ki, burada təmizlikdən söhbət gedir.
Bu qanun artıq bir neçə MDB dövlətində qəbul olunub. Qonşu Gürcüstanda bu qanun var. Yaxud Avropa dövlətlərini götürün. 3 addan biri seçilir. Ya ekoloji kənd təsərrüfatı, ya bioloji, ya da üzvi. Bizim ekspertlərimiz, bu qanunla işləyən insanlar, məncə, çox doğru olaraq “ekoloji” terminini seçiblər. Mənə elə gəlir ki, “ekoloji” sözünə “təmiz” sözünü əlavə eləməyə ehtiyac yoxdur. Çünki biz artıq 10 il, 20 il, 50 il bundan qabaq dünyanın inkişaf etmiş ölkələrinin seçdiyi yolla gedirik. Bu bizim üçün yenilikdir, amma bizim burada “ekoloji təmiz” ifadəsini işlətməyimiz dünya üçün yenilik olmayacaq.
Sədrlik edən. Ola bilsin ki, yenilik olmayacaq, amma söhbət Azərbaycan dilinin qayda-qanunundan gedir. Söhbət Azərbaycan dilinə olan hörmətdən gedir. Necə yəni olmayacaq? İngilis dili üçün “eko”, “bio” aydındır, azərbaycanlı üçün aydın deyil axı. Qanunun adında bir aydınlıq olmalıdır. Söhbət bundan gedir. Biz ingilis dilinin qayda-qanununu Azərbaycan dilinə kor-koranə tətbiq eləyə bilmərik.
A. Babayev. Hər halda müzakirələrdən sonra, hörmətli millət vəkilləri nə qərara gəlsələr, o olacaq. Mən ümumi vəziyyəti dedim.
Bir şeyi diqqətinizə çatdırmaq istəyirəm. Sevindirici haldır ki, bu gün Azərbaycanda 332 ekoloji fermer var. Həyatın özü bu qanunun qəbul olunmasını qabaqlayıb. Ermənistanda 11, Gürcüstanda 20 ekoloji fermer var. 332 fermer Avropa standartlarına, yəni ekoloji təsərrüfatçılıq haqqında standartlara uyğun olaraq öz istehsalını və yaxud emalını təşkil edən şəxslərdir. Avropa ekspertləri bunu müşahidə edir, reviziyadan keçirirlər. İkinci müsbət cəhət Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında 2007-ci ildə, – bunu artıq Eldar müəllim qeyd elədi, − MDB dövlətləri arasında ilk dəfə olaraq Azərbaycanda bu sahə üzrə ali ixtisas vermək üçün ekoloji kənd təsərrüfatı fakültəsinin açılması, onun kafedrasının yaradılmasıdır. Yəni bizim ölkəmizdə bu sahənin də inkişafı bizi Cənubi Qafqazın digər ölkələrindən xeyli fərqləndirir.
Mən bu qanunun ərsəyə gəlməsində əziyyət çəkənlərə bir daha minnətdarlığımı bildirirəm və bir şeyi də qeyd eləmək istəyirəm ki, ictimai əsaslarla Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının alimləri Azərbaycan üçün bunun standartlarını da hazırlayıblar. Biz bunu Əmirxan müəllimə, Şahvələd müəllimə təqdim eləmişik. Bu bizim töhfəmizdir. Əminliklə deyə bilərəm ki, qanun qəbul ediləndən sonra bizdə bu sahədə milli proqram olmalıdır. Bu milli proqramın da işlənilməsində biz alimlər əlimizdən gələni əsirgəməyəcəyik. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun, Amin müəllim, gözəl məlumat verdiniz. Mən Aqrar siyasət daimi komissiyasının sədri Eldar müəllimə söz verirəm. Yekunlaşdıraq.
E. İbrahimov. Çox sağ olun, Ziyafət müəllim. Mən bu gün bu qanun layihəsi ilə əlaqədar çıxış edən, irad və təkliflərini bildirən və onunla əlaqədar xoş sözlərini deyən bütün deputat həmkarlarıma minnətdarlığımı bildirmək istəyirəm. Mən uzun-uzadı danışmayacaq, ancaq iki məsələyə münasibətimi bildirəcəyəm. Hörmətli Vahid müəllim soruşdu ki, bu qanunun reallaşmasına necə baxıram? Qanunun reallaşması haqqında fikrimi mən çıxışımda dedim. Amin müəllim də bu barədə danışdı. Hər ikimiz qeyd etdik ki, artıq Azərbaycanda 332 fermer 20 min hektar sahədə ekoloji cəhətdən təmiz kənd təsərrüfatı məhsulu istehsal etməklə məşğuldur. Əlbəttə, qanunun reallaşması müvafiq icra hakimiyyətindən də çox asılıdır. Bu qanun qəbul edildikdən sonra Prezident tərəfindən müəyyən ediləcək ki, müvafiq icra hakimiyyəti nəylə məşğul olacaq. Yəqin ki, bu qanunun necə həyata keçiriləcəyini müəyyənləşdirən proqramlar olacaqdır.
Mən bir şeyi demək istəyirəm. Bu yaxınlarda Bolqarıstanın Prezidenti ilə birlikdə parlamentin Aqrar komissiyasının sədri də Bakıya gəlmişdi. Onunla görüşdüm, xeyli söhbət elədik. Biz indi Ümumdünya Ticarət Təşkilatına üzv olmağa hazırlaşırıq. Bu təşkilata üzv olan kimi o bizim istehsal elədiyimiz hər bir kənd təsərrüfatı məhsulunu burada gəlib yoxlayacaq. Bolqarıstanın komissiya sədri burada deyirdi ki, onların əlindən bilmirik neyləyək, hara qaçaq. Ümumdünya Ticarət Təşkilatı deyir ki, sən mineral gübrə ilə, zəhərli kimyəvi maddə ilə məhsul istehsal edirsənsə, sənin dövlətin büdcədən 10 faizdən artıq maliyyə vəsaiti ayıra bilməz. Ancaq təmiz məhsul istehsal edirsənsə, nə qədər istəyirsən xərclə, nə qədər istəyirsən artır. Fərq bundadır. Biz istəsək də, istəməsək də, dünyaya inteqrasiya olunur, ümumdünya təşkilatlarına qoşuluruq. Biz bu qanunu 5 ildən sonra qəbul eləsək, gecikmiş olacağıq. Biz də başqa dövlətlər kimi, Avropa dövlətləri kimi qabağa düşək, vaxtında bu məsələyə qoşulaq.
O ki qaldı adına, hörmətli Ziyafət müəllim düzgün dedi, qanunun adını onunla da, sonra Valeh müəllimlə də müzakirə eləyəndə bu söhbət ortalığa çıxdı. Bəli, Amin müəllim düzgün dedi, Avropadan fərqli olaraq bizdə “ekoloji” sözü həm də “təmiz” mənasında işlənir. Amma Azərbaycan dilində “ekoloji təmiz kənd təsərrüfatı” ifadəsi daha düzgündür. Biz bu qanunu 31 yanvarda müzakirə edərkən düşündük ki, sonra bunun adına “təmiz” sözü əlavə edərik, qoy hələlik qüsurlu olsun. Komissiyanın praktikasında bu var. Adətən, biz bilə-bilə qanunları birinci oxunuşa qüsurlu çıxarırıq. Özümüz də bilirik, harada nə problemlər var. Düşünürük, qoy camaat desin. Çox yaxşı oldu ki, bu gün mənim hörmətli deputat həmkarlarımın da dediyi fikirlər bizim mütəxəssislərin fikri ilə üst-üstə düşdü. İkinci oxunuşda bu qanunun adı “Ekoloji təmiz kənd təsərrüfatı” olacaq.
Burada Əli müəllimin, Gültəkin xanımın, çıxış eləyən hər bir həmkarımın ayrı-ayrı fikirlərinə münasibət bildirməklə mən vaxtınızı almaq istəmirəm. Nizami müəllim xüsusilə 1.2-ci maddədəki terminlərlə razılaşmadığını bildirdi. Hörmətli Nizami müəllim, biz bir daha mütəxəssislərlə, Sizin iştirakınızla bu məsələyə baxıb məsləhətləşərik. Digər komissiyalardan fərqli olaraq, biz həmişə çalışırıq ki, qanunları mümkün qədər sadə dildə yazaq. Bu qanunu tək savadlı adamlar oxumur axı. Bu qanunu kənddə yaşayan fermer oxuyur. Kəndli oxuyanda başa düşsün ki, bu qanun nə deyir, o cür də hərəkət eləsin. Ona görə biz qanunun dilinin sadə olmasının tərəfdarıyıq. Bununla belə, siz nə qədər çox təkliflər versəniz, bu qanun daha da sanballı qanun ola bilər. Bir daha komissiyamızın adından deputat həmkarlarıma öz dərin təşəkkürümü bildirirəm.
Sədrlik edən. Sağ olun. Elton müəllim təkid eləyir. Buyurun, Elton müəllim.
E. Məmmədov. Təşəkkür edirəm. Hörmətli həmkarlar, dəvət olunan qonaqlar! Mən də hesab edirəm ki, müzakirəmizə təqdim olunan bu qanun layihəsi konseptual baxımdan birinci oxunuşun tələblərinə cavab verir. Mən bu qanun layihəsinin hazırlanmasında əməyi olan hörmətli həmkarım, komissiya sədri Eldar müəllimə təşəkkürümü bildirirəm.
Bu gün mən onu da xatırlatmaq istərdim ki, 2005-ci ildə möhtərəm ulu öndərimiz tərəfindən Əhalinin ərzaq təhlükəsizliyi haqqında Dövlət Proqramı qəbul olunmuş və 2007-ci ildə möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən həmin proqrama müəyyən əlavələr edilmişdir. Bu proqramda da suveren Azərbaycanın ərzaq müstəqilliyinin təmin edilməsindən və əhalinin bütün kateqoriyalarının əldə etdiyi ərzağın keyfiyyətindən söhbət gedir.
Eldar müəllim, biz 2002-ci ildə “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında” Qanun qəbul etdik. Mən bu gün hörmətli ziyalılarımızın, alimlərimizin də burada olmağından istifadə edərək, təklif edirəm ki, bu qanun layihəsi ikinci oxunuşa hazırlanarkən “Əsas anlayışlar” və “Ekoloji kənd təsərrüfatının elmi təminatı” adlı 1-ci və 18-ci maddələrdə həmin qanunda əks etdirilmiş müəyyən prinsiplər nəzərə alınsın.
Yaxşı olar ki, bu gün müzakirəmizə təqdim olunan bu qanun layihəsinin adına qeyd etdiyimiz “ekoloji təmiz” sözlərindən əvvəl “əhalinin” sözü də əlavə edilsin. Bu indi müzakirə etdiyimiz qanun layihəsinin “Ekoloji təhsil və əhalinin maarifləndirilməsi haqqında” Qanunla birbaşa uzlaşmasını təmin etmiş olar. Ümumilikdə, qanun layihəsinə səs verəcəyəm və hörmətli həmkarlarımı da ona səs verməyə dəvət edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, Elton müəllim.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Bir dəqiqə, üzr istəyirəm, Fuad müəllim ən gənc deputatımızdır, onu incitməyək. Buyurun.
F. Muradov. Sağ olun, Ziyafət müəllim. Əslində, mən Eldar müəllimə və onun komissiyasına öz təşəkkürümü bildirmək istəyirəm. Sağ olun ki, mənə şərait yaratdınız, bu sözləri deyim. Bu gün biz Avropaya inteqrasiyadan danışırıq. Bu gün dünyada hər bir beynəlxalq qurumun, təşkilatın ciddi müzakirə etdiyi bir problem də ekologiya problemidir. Bilirsiniz ki, BMT-nin bununla bağlı xüsusi qətnaməsi də var.
Sadəcə olaraq, bir az ekologiyaya aidiyyətim olduğuna görə bir məqama toxunmaq istəyirəm. Söhbət ondan gedir ki, biz istəyirik, gələcəkdə qanunlarımız beynəlxalq standartlara uyğun olsun. Yəni əgər biz bu qanunla Avropaya çıxmaq istəyiriksə, daha çox beynəlxalq təşkilata, quruma üzv olmaq istəyiriksə, nəzərə almalıyıq ki, bunun üçün “ekoloji” sözü daha münasibdir. Ziyafət müəllim, Sizin dediyiniz göbələk hətta zəhərli də olsa, ekoloji mühitdə böyümüşdürsə, artıq ekoloji təmizdir. Söhbət onun insana ziyanından gedirsə, o, başqa məsələ. Satışa çıxarılan hazır məhsulun üzərində hansı sözün – “eko” və ya “bio” sözünün yazılmasının elə bir fərqi yoxdur. Əsas odur ki, bu hansı mühitdə böyüyüb, biz ona kimyəvi maddələr əlavə eləmişik, ya yox. Fərq təkcə bundan ibarətdir.
Mən Eldar müəllimə bir daha təşəkkürümü bildirirəm. Böyük iş görülüb. Hesab edirəm ki, bu qanunla biz Avropaya çıxa bilərik. Çünki xüsusi qanun proqramları, kredit proqramları var. Mən hesab edirəm ki, adla bağlı müzakirəni sonra da davam etdirə bilərik.
Sədrlik edən. Sağ olun. Yekunlaşdıraq. Sadəcə olaraq, bir kəlmə demək istəyirəm. Fuad müəllim, biz beynəlxalq təşkilatlara bu adla çıxanda heç bir problemimiz olmayacaq. Mən bir daha vurğulamaq istəyirəm ki, bizim istehsal edəcəyimiz məhsulların üstündə “eko” ştampı olacaq. Amma bir maraqlanan olacaq da, bu “eko” nə olan sözdür, qanunu açanda görsün ki, söhbət ekoloji cəhətdən təmiz məhsuldan gedir. Yəni qanunda bu, əksini tapmalıdır. Söhbət bundan gedir.
Mən hesab edirəm ki, bu gün biz məhsuldar müzakirə keçirdik. Bir daha sizin hamınıza təşəkkür edirəm və elə bilirəm ki, layihəni səsə qoymaq olar. Buyurun, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 13.39 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0  
İştirak edir 101
Nəticə: qəbul edildi

Yekdilliklə qəbul olundu. Bununla da iclasımız sona çatdı. Sağ olun.

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi