2007-ci il 14 noyabr tarixli iclasın stenoqramı

ÜÇÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
VII  SESSİYASI  İCLASININ

PROTOKOLU  №  63

Milli  Məclisin  iclas  salonu.
14  noyabr  2007-ci  il.  Saat  12.

Milli  Məclisin  Sədri
O. Əsədov  sədrlik  etmişdir
 

İclasda Milli Məclisin 100 deputatı iştirak etmişdir.

İclasa dəvət olunmuşlar:

Samir Şərifov, Azərbaycan Respublikasının maliyyə naziri.
Fazil Məmmədov, Azərbaycan Respublikasının vergilər naziri.
Heydər Babayev, Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri.
Natiq Əliyev, Azərbaycan Respublikasının sənaye və energetika naziri.
Ziya Məmmədov, Azərbaycan Respublikasının nəqliyyat naziri.
İsmət Abasov, Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri.
Əbülfəs Qarayev, Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri.
Misir Mərdanov, Azərbaycan Respublikasının təhsil naziri.
Gündüz Məmmədov, Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri.
Aydın Əliyev, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədri.
Qərib Məmmədov, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri.
Kərəm Həsənov, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədri.
Arif Vəliyev, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri.
Hidayət Orucov, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri.
Abbas Ələsgərov, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri.
Elman Rüstəmov, Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin sədri.
Səlim Müslümov, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri.
Şahmar Mövsümov, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru.
Arif Əsgərov, Azərbaycan Dövlət Dəmir Yolunun rəisi.
Nizaməddin Rzayev, "Azərsu" Səhmdar Cəmiyyətinin prezidenti.
İmran Mehdiyev, Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyinin direktoru.
Arif Qaraşov, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi.
Heydər Əsədov, Azərbaycan Respublikası Hesablama Palatasının sədri.
Cəfər Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Nazim Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Vaqif Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Adil Məhərrəmov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Mehriban Əlişanova, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
İsmayıl Sadıqov, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Elm, mədəniyyət, xalq təhsili və sosial problemlər şöbəsinin müdiri.
Qurban Sadıqov, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qaçqınların, məcburi köçkünlərin problemləri, miqrasiya və beynəlxalq təşkilatlarla iş şöbəsinin müdiri.
Vəli Nəcəfqulubəyov, Azərbaycan Respublikası Nazirlər Kabinetinin İqtisadiyyat və maliyyə-kredit siyasəti şöbəsi müdirinin müavini.
Azər Bayramov, Azərbaycan Respublikası maliyyə nazirinin müavini.
Sevinc Həsənova, Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini.
Elsevər Ağayev, Azərbaycan Respublikası səhiyyə nazirinin müavini.
Natiq Məmmədov, Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini.
Sədaqət Qəhrəmanova, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini.
Rafiq Aslanov, Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini.
Fazil Fərəcov, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin departament rəisi.
Zaur Fətizadə, Azərbaycan Respublikası Vergilər Nazirliyinin baş idarə rəisi.
Şahin Sadıqov, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin departament rəisi.
Xaqani Rzayev, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin şöbə müdiri.
Vidadi Zeynalov, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Aparatının rəhbəri.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsi haqqında.
2. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2008-ci il büdcəsi haqqında.
3. Azərbaycan Respublikasında 2008-ci il üçün yaşayış minimumu haqqında.
4. Azərbaycan Respublikasında 2008-ci il üçün ehtiyac meyarının həddi haqqında.
5. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə.
6.“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə.

* * *

Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsi  layihəsinin və büdcə zərfinə daxil olan digər qanun layihələrinin müzakirəsi davam etdirilmişdir.


Azərbaycan  Respublikası
Milli  Məclisinin  Sədri                                O. ƏSƏDOV

 

 

MİLLİ  MƏCLİSİN  İCLASI

14  noyabr  2007-ci  il.  Saat  12.

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir


Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Xahiş edirəm, qeydiyyatdan keçək.

Qeydiyyat  (saat 12.02 dəq.)
İştirak edir  85
Yetərsay  83

Çox sağ olun. Yetərsay var. Müzakirələri davam etdiririk. Buyursun Səttar Möhbalıyev.
S. Möhbalıyev. Hörmətli hökumət nümayəndələri, əziz deputatlar, hörmətli mətbuat nümayəndələri! Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsi haqqında qanun layihəsinə dair təqdim olunmuş sənədləri nəzərdən keçirərək, böyük məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, ümummilli liderimiz Heydər Əliyev tərəfindən təfsilatı ilə işlənmiş dövlət neft strategiyası uğurla həyata keçirilmiş, onun layiqli davamçısı olan cənab İlham Əliyevin regionların, qeyri-neft sektorunun inkişafı və digər məsələlərlə bağlı imzaladığı qərarların icrası nəticəsində bu il də iqtisadiyyatın dinamik inkişafı davam etdirilmiş, çoxsaylı yeni iş yerləri açılmış, əhalinin rifahının yüksəlməsi təmin olunmuşdur.
Son üç il ərzində ümumi daxili məhsul 1,9 dəfə, dövlət büdcəsinin gəlirləri 2,8 dəfə artmış, iqtisadiyyatın müxtəlif sahələrində 560 min yeni iş yeri açılmış və bu iş yerlərinin 450 mindən artığı daimi iş yerləri olmuşdur. Yoxsulluq səviyyəsi 49 faizdən 20 faizə endirilmiş, orta aylıq əmək haqqı 1,7 dəfə, əhalinin əmək haqları isə 2,3 dəfə artmışdır. Qeyd etmək lazımdır ki, nüfuzlu beynəlxalq təşkilatların rəylərinə əsasən, son illər Azərbaycan dünyada ən dinamik inkişaf edən ölkələr sırasına daxil olmuşdur. 2008-ci ildə iqtisadi islahatların dərinləşməsi, mövcud potensialın gücləndirilməsi və ondan istifadənin səmərəliliyinin yüksəldilməsi əsasında ölkədə sosial-iqtisadi inkişaf sahəsində indiyədək əldə olunmuş nailiyyətlərin daha da möhkəmləndirilməsi və artırılması təmin ediləcəkdir.
Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsinin sosial-iqtisadi inkişaf proqnozunda ümumi daxili məhsulun 31,5 milyard manat və ya 18,2 faiz, pərakəndə ticarət dövriyyəsinin 10 milyard manat və ya 14,8 faiz, əhalinin pul gəlirlərinin 16–17 milyard manat və ya 29,4 faiz, işləyənlərin orta aylıq əmək haqqının 233,3 min manat və ya 28 faiz çox olacağı nəzərdə tutulur. Qeyri-neft sektorunda artım tempinin 8,5 faiz səviyyəsində olacağı gözlənilir ki, bu da son illərlə müqayisədə yüksək göstəricidir. Ölkə iqtisadiyyatına 6,2 milyard manat həcmində investisiyaların yönəldilməsi nəzərdə tutulur və bunun da 70,4 faizi daxili investisiyalar hesabına həyata keçiriləcəkdir.
Bu çox sevindirici haldır ki, artıq Azərbaycan dövləti kredit alan ölkədən kredit verən bir ölkəyə çevrilir. Azərbaycanın iş adamları xarici dövlətlərə investisiya qoymaq imkanları əldə ediblər.
Beləliklə, növbəti ilin büdcə layihəsi tərtib edilərkən iqtisadiyyatın, o cümlədən qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, dövlət idarəetmə sisteminin səmərəliliyinin yüksəldilməsi, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması, xüsusi ilə onun aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsi, yoxsulluğun azaldılması, milli iqtisadiyyatın dünya iqtisadiyyatı sisteminə inteqrasiyasının sürətləndirilməsi diqqət mərkəzində olmuşdur.
Hörmətli millət vəkilləri, 2008-ci ildə dövlət büdcəsindən maliyyələşən ayrı-ayrı sahələrdə çalışan və vəzifə maaşları vahid tarif cədvəli ilə tənzimlənən vəzifələr üzrə əmək haqlarının artımı üçün minimum əmək haqlarının artımı nəzərdə tutulur. Dövlət büdcəsindən 184,2 milyon manat vəsait ayrılmışdır ki, bu da büdcədən əmək haqqı alan 630 min nəfərə yaxın işçinin sosial vəziyyətinin yaxşılaşdırılmasına imkan yaradacaqdır.
Ölkə Prezidenti tərəfindən təhsilin inkişafına çox diqqətlə yanaşılır. Bunun nəticəsidir ki, keçən il 1200-dən artıq yeni məktəb tikilmiş, məktəblərin əksəriyyəti təmir edilmiş, maddi-texniki bazası gücləndirilmişdir. 2008-ci ildə təhsilə 973,7 milyon manat vəsait ayrılmışdır ki, bu da 2007-ci ildəkindən 215,9 milyard manat artıqdır. 2008-ci ilin büdcə layihəsində dövlət hesabına təhsil alan aspirantların, ali, orta təhsil, peşə məktəblərinin və liseylərin tələbələrinə verilən təqaüdlərin artırılması nəzərdə tutulmuşdur ki, buna da 4,3 milyon manat vəsait xərclənəcək, 1378 nəfər aspirantın, 85806 nəfər tələbənin təqaüdləri artırılacaqdır.
Hörmətli millət vəkilləri dünən burada qeyd elədilər ki, idman qurğularının tikilməsinə, mədəniyyət saraylarının və digər sosial obyektlərin təmirinə vəsaitlərin ayrılması azaldılmalıdır. Halbuki Azərbaycanda olan mədəniyyət saraylarının vəziyyəti hamımızın gözü qabağındadır. Xaricdən hər hansı bir qonaq gələndə ilk növbədə xahiş eləyir ki, müəyyən bir teatra gedək. Adam qonağı bu teatrlara aparmağa utanır. Çünki oturacaqlar qırıq, pərdələr köhnə... orada çox acınacaqlı vəziyyət hökm sürür. Hər hansı bir dövlətin nümayəndəsi Azərbaycana gəlirsə, ilk növbədə onun mədəniyyəti ilə tanış olur. Nə üçün mədəniyyət sahəsində işləyən insanların iş şəraiti pis olmalıdır? Bəli, bu obyektlərin təmiri orada çalışan işçilərin iş şəraitinin yaxşılaşdırılmasına gətirib çıxarır. Əgər iş yeri yaxşı olmasa, orada əmək məhsuldarlığından danışmağa dəyməz.
Olimpiya komplekslərinin tikilməsi haqqında. Təbii ki, olimpiya komplekslərinin tikilməsi həm də yeni iş yerlərinin açılması deməkdir. Nəzərə alsaq ki, tikilən olimpiya komplekslərində 50–60 nəfər işçi çalışır və hər işçinin də orta hesabla 4 nəfər ailə üzvü var, məlumdur ki, bu iş yerindən 200 nəfərdən artıq Azərbaycan vətəndaşı bəhrələnir. İkinci bir tərəfdən bunun arxasında nə durur? Bunun arxasında regionların inkişafı durur. Ölkə Prezidenti cənab İlham Əliyev çalışır ki, Azərbaycan gəncləri pis adət-ənənələrdən, narkomaniyadan uzaq olsun, asudə vaxtlarını səmərəli keçirsinlər. Boş vaxtlarını da idmanla məşğul olsunlar. Yəni əsas məqsəd bundan ibarətdir.
Azərbaycanın iqtisadi inkişafı adambaşına düşən ümumi daxili məhsulla hesablanır. Baxın, 2004-cü ildə 8,5 milyard manat həcmində ümumi daxili məhsul istehsal olunmuşdursa, artıq bu gün bu, 31,5 milyard manata çatdırılıb. Adambaşına düşən ümumi daxili məhsulun həcmi ilbəil artır. Artıq 4000 dollara yaxınlaşır. 2008-ci ildə bu, artıq 4000 dolları aşacaqdır.
Hamımız çıxış eləyəndə deyirik ki, neft ümumxalq mülkiyyətidir və bu neftdən bütün Azərbaycan xalqı bəhrələnməlidir. Regionlarda diaqnostik mərkəzlərin tikilməsi məgər xalqın neftdən bəhrələnməsinə dəlalət etmirmi? Axı, bu tikintilərin əsas sərmayəsi neft şirkəti tərəfindən qoyulur və bu tikilən diaqnostik mərkəzlər xalqın istifadəsinə verilir. Bölgələrdə yaşayan insanlar bu və ya digər xəstəliyə düçar olanda Bakı şəhərinə gəlir, otellərdə yaşayır, həkimlərin növbəsinə dayanır, orta hesabla 100–150 manat pul xərcləyirlər. Bu diaqnostik mərkəzlər məhz ona görə tikilib, müasir avadanlıqla təmin edilib ki, Azərbaycan vətəndaşları, rayonlarda yaşayan insanlar müalicə almaq üçün öz regionunda bundan istifadə edə bilsinlər.
Dünən burada yol tikintisindən danışdılar. Mən bir məsələni sizin nəzərinizə çatdırmaq, bir siyasi məsələyə, Bakı–Tbilisi–Qars dəmir yolu məsələsinə toxunmaq istərdim. Ermənilər dünyaya hay salmış, ermənipərəst dövlətlər ölkə Prezidentinə təzyiqlər etməyə başlamışdılar ki, bu layihə həyata keçirilməsin. Bütün bunlara baxmayaraq, ölkə Prezidenti bu layihənin reallaşmasına nail oldu. Bu yaxınlarda Bakı–Tbilisi–Qars dəmir yolunu inşa edəcək tikinti şirkəti də tenderlə müəyyənləşdirilib. Bəzi yoldaşlar deyirlər ki, nə üçün Gürcüstana güzəştli kreditlər verilir, onun pay hissəsi ödənilir, çünki bu layihə Azərbaycanın marağı daxilindədir. Əgər o dövlətin pulu yoxdursa, biz pul da, faizsiz kredit də verməliyik ki, bu qlobal, bu böyük layihə həyata keçirilsin. Mən ölkə Prezidentinə minnətdarlığımı bildirirəm ki, bütün bu təzyiqlərə baxmayaraq, bu layihə artıq reallaşmağa başlayıb. İkinci bir tərəfdən ölkə Prezidentinin...
Sədrlik edən. Bilirsiniz ki, çıxış üçün 10 dəqiqə vaxtınız var, fikrinizi yığcam ifadə etməkdənsə, 10 dəqiqədən çox danışırsınız. Ona görə vaxt çatışmır. Hamı reqlamentə riayət etməlidir. Arzu Səmədbəyli, buyurun.
A. Səmədbəyli. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Biz, müsavat deputat qrupunun üzvləri 2008-ci ilin dövlət büdcəsini və bu büdcə zərfinə daxil olan sənədləri çox diqqətlə öyrənmiş, mütəxəssislər, iqtisadi tədqiqatlar mərkəzinin əməkdaşları, milli büdcə qrupunun üzvləri, bir çox tanınmış iqtisadçılarımız və alimlərimizlə geniş müzakirə eləmişik. İlin əvvəlində hökumət Milli Məclisə özünün birillik fəaliyyəti barədə hesabat verərkən burada səslənən tərif dolu çıxışları eyni qaydada yenə eşitdik. Mən bu büdcəyə tənqidi yanaşan və ondakı çatışmazlıqları göstərən millət vəkillərimizlə həmrəyliyimi bildirir və tənqidə keçməmişdən öncə bir neçə məqamı qeyd etmək istəyirəm.
Əvvəlki illərlə müqayisədə büdcədə gəlirlərlə bağlı məsələlərin ətraflı verilməsi müsbət haldır. Yəni bu, büdcə zərfində göstərilən məsələlərlə bağlı daha geniş təsəvvür yaradır. Növbəti ilin büdcə zərfində ilk dəfə olaraq, investisiya proqramının maliyyələşdirmə mənbələri, layihələrin və onların icraçılarının siyahısı təqdim edilib. Ancaq layihələr üzrə ayrılacaq vəsaitlərin həcmi barədə məlumatlar burada yenə də öz əksini tapmayıb. Ümid eləyirəm ki, bizim tənqidlərimizdən nəticə çıxaran hörmətli hökumət üzvləri növbəti ilin büdcə zərfində bunları nəzərə alacaqlar.
Büdcənin özü ilə bağlı. Yəqin ki, bizim müsavat deputat qrupunun digər üzvlərinin də çıxışlarında siz bu büdcənin həm iqtisadi, həm də siyasi mahiyyəti ilə bağlı çox maraqlı və məzmunlu çıxışlar eşidəcəksiniz. Mənim bu büdcə zərfi ilə bağlı fikirlərim nədən ibarətdir? Gələn ilin büdcəsi iqtisadi mahiyyətinə görə əvvəlki illərdən əsaslı şəkildə fərqlənməsə də, siyasi yükü əvvəlkindən daha çoxdur.
Hörmətli Oqtay müəllim dedi ki, çalışın, fikirlər bir-birini təkrarlamasın. Mənim nəzərinizə çatdırmaq istədiyim bir məsələ artıq burada səsləndi. Hamı dedi ki, bu büdcə neftdən asılı büdcədir. Mən deyirəm ki, bu büdcə yenə də neft qoxusu verir. 2008-ci ilin büdcəsində birbaşa neft gəlirlərinin payı 58 faiz təşkil eləyir. Proqnozlaşdırılan gəlirlərin artımının, əsasən, iki mənbəyi var – biri neftdir, ikincisi inflyasiya. Bunu isə büdcə artımı kimi qələmə verib, xalqı aldadırlar. Çünki əslində, Dövlət Neft Fondundan köçürmələri çıxanda, inflyasiyanın təsirini nəzərə alanda büdcə artımından danışmağa dəymir. Digər tərəfdən, neftdən və inflyasiyadan asılılıq büdcə sabitliyi üçün çox böyük təhlükə mənbəyidir.
Diqqətinizi bu büdcə üçün xarakterik olan bir neçə məqama yönəltmək istəyirəm. Birinci, 2008-ci ilin dövlət büdcəsinin gəlirləri əvvəlki büdcə ilə müqayisədə 1 milyard 611,7 milyon manat artacaq ki, bunun da təxminən hər üç manatdan ikisi əlavə dəyər vergisinin toplanmasının sərtləşdirilməsi və Dövlət Neft Fondundan köçürülmə hesabına təmin ediləcəkdir. Bunların heç birinin iqtisadiyyatın istehsal bölməsi ilə əlaqəsi olmadığından artımda real sektorun payı görsənmir. Bu isə o deməkdir ki, iqtisadiyyatımız neft oriyentasiyalı və istehlak yönlüdür. Deməli, iqtisadi inkişafdan ağızdolusu danışmağa dəymir.
İkinci, bu büdcədə gəlirlərin real artım tempi 28 faiz göstərilib, amma biz bunun 14,2 faiz təşkil etdiyini deyirik. Burada nefti və inflyasiyanı nəzərə alsaq, deməliyik ki, real olaraq bu büdcədə artım yox, azalma var. Mən bilirəm, hörmətli hökumət üzvləri əvvəlki illərdə olduğu kimi, burada bizim dediklərimizin yanlış olduğunu sübut etməyə çalışacaqlar. Amma gəlin, yada salaq, bir il bundan əvvəl hörmətli Baş nazir burada birillik fəaliyyətlə bağlı hesabat verəndə inflyasiyanın həddini 7–8 faiz dedi. Halbuki biz onun ikirəqəmli olub 15 faizdən yuxarı qalxacağını bildirmişdik. İki ay sonra hökumət həmin rəqəmi açıqlamağa məcbur oldu. Dövlət Statistika Komitəsinin sədri bu rəqəmin 16–17 faiz arasında olduğunu ictimaiyyətə açıqladı.
Üçüncüsü, yerli gəlirlərin ümumi büdcə gəlirlərinin 3,4 faizini təşkil etməsi o deməkdir ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı deyilənlər yalan imiş. Əgər doğru olsaydı, biz bunu büdcədə görərdik, əlahəzrət rəqəmlər bunu deyərdi. Yoxdur. Regionların sosial-iqtisadi inkişaf proqramı uğursuzluğa düçar olub. Hörmətli hökumət üzvləri, bunu biz yox, sizin təqdim elədiyiniz bu büdcə layihəsi deyir. Xərclərə gəlincə burada da qeyd edilməsi vacib olan çoxlu məqamlar var. Gəlin, onların bir neçəsinə diqqət yetirək.
Əvvəla, 2008-ci ildə büdcə xərclərinin hər 3 manatdan biri tikintiyə yönəlir. Biz, əlbəttə ki, yeni tikintilərin əleyhinə deyilik və bunu təqdir eləyirik. Amma bu qədər korrupsiya, özbaşınalıq, nəzarətsizlik olan yerdə bu vəsaitin səmərəli xərclənməsinə heç kimin təminatı və gümanı yoxdur. Çünki bizim hesablamalarımıza görə, indiyə qədər tikintiyə ayrılan vəsaitin yarıdan çoxu yeyilib. Belə olan halda bu dəfə də həmin vəsaitin aqibətinin eyni cür olacağını deyə bilərik. Əslində, bahalaşma nəzərə alınaraq, 2008-ci ilin büdcəsində büdcədən əmək haqqı alan, pensiya hesabına yaşayan insanların sosial qayğısı artırılmalı idi.
2008-ci ilin dövlət büdcəsindən büdcədənkənar fondlara və aşağı səviyyəli büdcələrə köçürmələrin xüsusi çəkisi yüksək həddə qalmaqdadır. Belə ki, Naxçıvan Muxtar Respublikası büdcəsinin 90 faizi dövlət büdcəsindən ayrılan vəsait hesabına formalaşacaq. Eyni zamanda, Dövlət Sosial Müdafiə Fondu xərclərinin 55 faizi dövlət büdcəsi hesabına örtüləcək. Sual edirəm, yeni açılan iş yerlərinin pensiya fonduna töhfəsi, o 600 neçə min iş yerinin açılması ilə bağlı deyilənlər haradadır? Axı, iş yerləri artdıqca pensiya fonduna ödənilən sığorta ayırmaları artmalı, pensiya fondunun büdcədən asılılığı azalmalı idi. Deməli, iş yerlərinin statistikası da yalandır. Düz olsa idi, indi pensiya fondu büdcədən bu qədər asılı vəziyyətə düşməzdi.
Dövlət büdcəsindən yerli büdcələrə ayrılan vəsaitin ötənilki səviyyədə, yəni 3,5 milyon manat saxlanması bu hökumətin bələdiyyə institutunun inkişafında dövlət dəstəyinin yetərli səviyyədə olmamasının göstəricisidir. Ona görə də təklif edirəm ki, bələdiyyələrə ayrılan dotasiya, heç olmasa, 10 milyon manata çatdırılsın və onun bölüşdürülməsi zamanı ehtiyatsızlıq nəzərə alınsın.
2008-ci ildə ehtiyat fondları üçün 316,7 milyon manat vəsait proqnozlaşdırılıb ki, onun da təxminən yarıya qədəri, daha dəqiq desək, 154 milyon manatı Prezidentin ehtiyat fondunun payına düşür. Növbəti ildə cari illə müqayisədə Prezidentin ehtiyat fonduna 40 milyon manat və ya 35 faiz çox vəsait proqnozlaşdırılır ki, bu da Prezident seçkiləri ilində büdcədən siyasi məqsədlər üçün istifadə imkanlarını artırır. Necə ki, hörmətli Zahid Oruc bu büdcənin gələnilki Prezident seçkisində İlham Əliyevin qələbəsini təmin eləmək üçün tam şərait yaratdığını dedi. Bu, artıq siyasi yanaşmadır və buna qətiyyən yol vermək olmaz. Təsəvvür edirsinizmi, seçki ilində Prezidentin sərəncamında təyinatını özü müəyyənləşdirəcək 154 milyon manat vəsaitin olması nə deməkdir? Bu, artıq indidən hakimiyyətə müstəsna üstünlüklər yaradır. Heç bir siyasi hakimiyyətin ixtiyarı yoxdur ki, büdcə vəsaitindən özünün siyasi məqsədləri üçün istifadə eləsin. Bu məbləğ səhiyyəyə ayrılan bütün vəsaitin yarısı qədərdir. Mədəniyyətə, incəsənətə, informasiya və bədən tərbiyəsinə ayrılan vəsaitlərin toplam məbləğindən isə çoxdur. Təklif edirəm ki, Prezidentin ehtiyat fondu üçün nəzərdə tutulan vəsait yarıya qədər azaldılsın.
Müzakirəyə təqdim olunan sənəddən görünür ki, dövlət büdcəsinin kəsiri 1 milyard 126 milyon manat proqnozlaşdırılıb. Bu, cari ilin büdcəsinin gözlənilən kəsiri ilə müqayisədə iki dəfədən də çoxdur. Növbəti il büdcənin kəsiri 3,6 faiz təşkil edəcək. Bu isə maliyyə qurumlarının büdcə kəsirinin 3 faizi ötməməsi üzrə hökumət qarşısında öhdəliyinin icra olunmaması deməkdir. Dövlət büdcəsinin 1,126 milyardlıq kəsiri özlüyündə inflyasiya yaradan mənbədir. Azərbaycanın gələnilki büdcə layihəsində 1,126 milyard manatlıq kəsir Neft Fondundan 1,1 milyard manatlıq transfertlə birlikdə büdcənin 27 faizini təşkil edir. Bu arada nəzərə almalıyıq ki, müdafiə xərclərinə 2007-ci illə müqayisədə 25,4 faiz çox vəsait ayrılacaq və istehlak sayılan müdafiə sahəsi 1 milyard manatdan çox olacaq.
Nədən bizim büdcənin bu qədər yırtığı var? Necə yamayacağıq bu yırtığı? Yenə də bahalaşma, inflyasiya. Belə çıxır ki, biz bu büdcəyə səs verməklə bahalaşmaya, korrupsiyanın artımına, Prezident seçkilərində ədalətsizliyə və qeyri-bərabərliyə səs vermiş oluruq. Ona görə də mən sizləri bu büdcənin əleyhinə səs verməyə çağırıram. Sağ olun.
Sədrlik edən. Çox güclü çıxış oldu, sağ ol. Ancaq mən bir şeyi qeyd eləmək istəyirəm, cavablar olacaq, mən də cavab verəcəyəm, hökumət də. Neft qoxusundan çox danışırsınız. Mənə elə gəlir ki, belə getsə, bir azdan iyduyma hissiyyatını da itirəcəksiniz. Azay Quliyev.
A. Quliyev. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Sevindirici haldır ki, son illər Azərbaycanın əldə etdiyi iqtisadi uğurlar təkcə yerli səviyyədə deyil, həmçinin beynəlxalq səviyyədə müxtəlif ekspertlər, maliyyə institutları tərəfindən etiraf və təqdir olunur. Respublikamızın Prezidenti cənab İlham Əliyevin son 4 ildə həyata keçirdiyi iqtisadi islahatlar və layihələr nəticəsində dövlət büdcəmiz dəfələrlə artaraq əvvəllər bizim üçün əlçatmaz kimi görünən, bu gün isə tam real olan 10 milyard ABŞ dollarını keçmişdir. Xüsusi ilə qeyd olunmalıdır ki, 2008-ci ilin dövlət büdcəsi və onu şərtləndirən iqtisadi inkişaf tempi üzrə proqnozlar gələcəyə nikbin baxmağa, eyni zamanda, sosial və iqtisadi problemləri daha cəsarətli şəkildə həll etməyə imkan verəcəkdir. Məncə, bu fikrin tətbiqi məqsədi ilə 2008-ci il üçün proqnozlaşdırılan və inkişaf meyarının əsas indeksi sayılan bir neçə rəqəmi təkrar da olsa, səsləndirmək yerinə düşərdi.
Gələn il ümumi daxili məhsul 31 milyard 468 milyon manat, büdcə xərcləri 8 milyard 509 milyon manat, adambaşına düşən gəlir 3670 manat, orta aylıq əmək haqqı 233,3 manat, əhalinin pul gəliri 6 milyard 650 milyon manat olacaqdır ki, bunu da ölkə iqtisadiyyatının ən uğurlu makroiqtisadi göstəriciləri hesab etmək olar. Digər tərəfdən xarici investisiyanın, yəni xarici borc kapitalının xüsusi çəkisinin azalması tendensiyasının da davam etdirilməsi müsbət hal kimi dəyərləndirilməlidir. Belə ki, 2007-ci ildə xarici investisiyaların xüsusi çəkisi 28,8 faiz olduğu halda, 2008-ci ildə bu rəqəmin 16,5 faiz olması proqnozlaşdırılır. Əvvəlki illərdən fərqli olaraq 2008-ci ilin dövlət büdcəsində enerji sektoruna dolayı subsidiyanın ayrılmaması haqqında hökumətin qəbul etdiyi qərar büdcənin əlavə yükünün az olması, xeyli vəsaitin xəzinəyə daxil edilməsi ilə maliyyə intizamının artırılması baxımından da alqışlanmalıdır.
Bugünkü müzakirələr zamanı qeyri-neft sektorunun inkişaf etdirilməsinin vacibliyindən çox danışıldı. Əlbəttə, bu fikirlə razılaşmamaq mümkün deyildir. Biz hamımız başa düşürük ki, ölkə iqtisadiyyatının gələcək uğuru, taleyi məhz qeyri-neft sektorunun çəkisindən asılıdır. Bu mənada qeyri-neft sektorunun aparıcı sahəyə çevrilməsi və büdcə gəlirlərində tam üstünlüyünün əldə edilməsi üçün görülən işlər davam etdirilməlidir. Bu istiqamətdə atılan addımların ilk nəticələri artıq hiss olunmaqdadır. Belə ki, ümumi daxili məhsulun strukturunda neft sektorunun payı 2005–2007-ci illərdə 44,1 faizdən 58,1 faizə qədər artdığı halda 2008–2011-ci illərdə 59,1 faizdən 47,9 faizə enməsi proqnozlaşdırılır ki, bu da xüsusi ilə qeyd edilməlidir. Bu faktın özü, həmçinin neft sektoru üzrə vergiyığma artımının növbəti il cəmi 3 faiz və əksinə, qeyri-neft sektoru üzrə yığımın 42 faiz civarında nəzərdə tutulması, şübhəsiz ki, müsbət haldır.
Ordunun döyüş qabiliyyətini artırmaq məqsədi ilə müdafiə xərclərinin daha 25 faiz artırılaraq 1 milyard 20 milyon manata çatdırılmasını da ayrıca qeyd etməliyik. Mətbuatdan da qeyd olunduğu kimi, bu rəqəmlər artıq öz işini görməyə başlayıb və ölkəmizin hərbi gücünün artmasından Ermənistanın təşviş keçirməsi ciddi şəkildə hiss olunmaqdadır. Bütün bu müsbət cəhətlər ölkəmizin iqtisadi inkişafında dayanıqlılığın göstəricisi kimi dəyərləndirilməli və hər bir ölkə vətəndaşı siyasi platformasından və dünyagörüşündən asılı olmayaraq bu uğura sevinməli və öz yanaşmalarında ajiotaja yol verməməlidir.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Mənə görə, gələnilki büdcənin ən mütərəqqi yeniliyi uzun müddət ictimaiyyətin və medianın diqqət mərkəzində olan qeyri-hökumət təşkilatlarına vəsaitin ayrılmasıdır desək, yəqin ki, yanılmarıq. Ümumiyyətlə, “Qeyri-dövlət təşkilatlarına dövlət dəstəyinin təsdiq edilməsi haqqında” ölkə Prezidentinin 2007-ci il 27 iyul tarixli sərəncamı ilə dövlət tərəfindən ilk dəfə olaraq qeyri-hökumət təşkilatlarının maliyyələşdirilməsi haqqında qərar qəbul edildi. Bildiyiniz kimi, artıq bu məqsədlə gələn ilin dövlət büdcəsində vətəndaş cəmiyyətinin inkişafına və ümummilli problemlərin həllinə qeyri-hökumət təşkilatlarını cəlb etmək üçün 1,5 milyon manat vəsait nəzərdə tutulub. Mən bu faktı təkcə QHT-lərin dəstəklənməsi və onların xarici donorlardan asılılığının minimuma endirilməsi cəhdi kimi yox, həm də ölkənin iqtisadi gücünün bariz göstəricisi, dövlətin öz vətəndaş cəmiyyəti institutlarına müsbət mənada sahiblik etməsi və hökumətin apardığı siyasətə bəzən alternativlik və bəzən də opponentlik edən QHT-ləri maliyyələşdirməkdən çəkinməyən dövlət başçısının siyasi iradəsinin təzahürü kimi qiymətləndirirəm. Fürsətdən istifadə edib vətəndaş cəmiyyətinin davamlı inkişafına belə bir sanballı töhfə verdiyinə görə hörmətli Prezident İlham Əliyevə QHT sektoru adından dərin minnətdarlığımı bildirirəm. Mən, eyni zamanda, bu məsələ ilə əlaqədar Milli QHT Forumu ilə əməkdaşlıq edən maliyyə naziri cənab Samir Şərifovun da əməyini xüsusi qeyd etmək istərdim.
Hörmətli həmkarlar, indi isə büdcə layihəsində suallar doğuran bəzi məqamlar barədə qısa danışmaq istəyirəm. Məlum olduğu kimi, büdcədə yerli icra hakimiyyəti orqanlarına xərclər üzrə 79 milyon 721 min manat nəzərdə tutulub. Bu vəsaitin 63,2 faizi təkcə Bakı, Gəncə və Sumqayıt şəhərlərinə, qalan 36,8 faizi isə digər şəhər və rayonlara veriləcəkdir. Belə bir bölgü disproporsiya vəziyyəti yaradır. Bunu ölkənin rayon və şəhərlərinə büdcə tərəfindən verilən dotasiyanın adambaşına düşən həcmi haqqında da söyləmək olar. Məsələn, Əli Bayramlıda adambaşına düşən dotasiyanın nə üçün 100 manat, Xızı və İlisuda isə 200 manat məbləğində müəyyən edilməsi bizim üçün maraqlıdır.
Rayon və şəhərlərin yerli gəlirlərində artım tempinin olmasına baxmayaraq, bu gəlirlərin ümumi gəlirlərdə çəkisi hələ də arzu olunan səviyyədə deyil. Belə ki, Bakı istisna olmaqla şəhər və rayonların yerli gəlirlərinin onların ümumi xərclərində 2007-ci ildə 16,5 faiz, 2008-ci ildə isə 21,3 faiz olacağı proqnozlaşdırılır. Məncə, bu sahədə çox ciddi addımlar atmalı, məsələnin müsbət həllinə nail olmalıyıq.
Dövlət zəmanəti ilə kredit təşkilatlarından alınmış kreditlərdən daxilolmalar üzrə proqnozlara əməl edilmir. Belə ki, 2006-cı ildə 984,4 min manat proqnoza qarşı cəmi 523,4 min manat vəsait büdcəyə daxil olmuşdur. 2007-ci ilin büdcəsində nəzərdə tutulmuş 2 milyon 15,7 min manat məbləğə qarşı oktyabrın 1-nə qədər büdcəyə bir manat da olsun vəsait ödənməmişdir. Hesab edirəm ki, bu, ciddi məsələdir və hökumətin bu barədə hesabat verməsi yaxşı olardı.
Dördüncü, büdcəyə ictimai nəzarətin, yəni bu sahədə şəffaflığın artırılması məsələsi. Çoxlu sayda pul kütləsi daxil olduqda buna ciddi nəzarətin olması da aktualdır. Hesab edirəm ki, ictimai nəzarətin mexanizmlərini hazırlamaq üçün biz Maliyyə Nazirliyi ilə əməkdaşlıq etməyə hazırıq və bu barədə işlərimizi daha da sürətləndirməliyik.
Nəhayət, deputat seçildiyim Əli Bayramlı şəhərinin acınacaqlı vəziyyətdə olan su və kanalizasiya sisteminin yenidən qurulması üçün güzəştli kreditin gecikdirilməsi ilə bağlı. Bizim bu barədə “Azərsu” Səhmdar Cəmiyyətinin prezidenti hörmətli Nizaməddin müəllimlə söhbətimiz olub. Ümid edirik ki, bu məsələ ilin axırına qədər müsbət həllini tapacaq. Çünki Əli Bayramlıda bu məsələ kəskin şəkildə durub. Güman edirik ki, bu məsələ hökumət üçün də prioritet məsələlərdən biridir.
Çıxışımın sonunda 2008-ci il büdcə sənədinin əsaslandırılmış şəkildə hazırlandığını bildirir və millət vəkillərini də bu sənədi dəstəkləməyə çağırıram. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Əli Əhmədov, buyurun.
Ə. Əhmədov. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət nümayəndələri! Bizə təqdim edilən büdcə sənədlərinin öyrənilməsi və təhlili nəticəsində istər-istəməz belə bir inam formalaşır ki, son illərdə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət və hökumətin səyləri nəticəsində Azərbaycanda keyfiyyətcə yeni bir iqtisadi situasiya yaranmışdır. Bir neçə il bundan əvvəl hamımıza xəyal kimi görünən reallıqlar indi həyatımızın və iqtisadiyyatımızın gerçəkliyi kimi qəbul olunur. Bir neçə il bundan qabaq Azərbaycanda büdcənin 1 milyard həddə çatmasını arzuladığınız halda indi Azərbaycanın dövlət büdcəsi 10 milyardı ötüb. Azərbaycanda milli məhsulun adambaşına düşən hissəsinin 1000 dollara çatacağını insanlar arzu və xəyal kimi düşündükləri halda indi Azərbaycanın milli məhsulunda hər bir kəsə düşən 3000 dolların bu yaxınlarda 3500–4000 dollara çatacağı şübhə doğurmur. Bir neçə il bundan qabaq Azərbaycanda hökumət üçün əsas hədəf kasıblıqla mübarizə idisə, indi Azərbaycan yaxın bir zamanda zəngin bir dövlətə, qüdrətli iqtisadiyyata malik olan bir dövlətə çevrilmək iddiasını qarşıya qoyub və həmin iddianın kifayət qədər ciddi əsaslara söykəndiyi heç kəsdə şübhə doğurmur.
Bir neçə ildir ki, Azərbaycan ardıcıl olaraq bütün dünyada ən dinamik iqtisadiyyata malik olan ölkə kimi özünü təsdiq edib və bu gün müzakirə etdiyimiz büdcə, təqdim edilən sənədlər də onu göstərir ki, yaxın zamanlarda Azərbaycan bu birinciliyi əldən vermək niyyətində deyil. Azərbaycan iqtisadiyyatının sürətli inkişaf dinamikası, insanların həyatının yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələr, Azərbaycanın iqtisadi qüdrətinin gündən-günə artması həm də Azərbaycanda hər birimizin iftixarla qeyd elədiyimiz ictimai-siyasi sabitliyin nəticəsidir. Hesab edirik ki, Azərbaycan xalqı bundan böyük bir nemət, bir sərvət kimi faydalanıb.
Bütün bunların fonunda müxalifətin bu gün müzakirə edilən büdcə sənədlərinə istinad edərək Azərbaycan hökumətini tənqid etməsi, yumşaq şəkildə desək, insanlarda qəribə təəssürat yaradır. Hamının yadındadır, bir neçə il bundan əvvəl müxalifət Azərbaycan büdcəsinin niyə belə az olduğunu əsas gətirərək, hökuməti tənqid edir və Azərbaycanı bəzi ölkələrlə müqayisə edirdi. İndi müxalifətin belə müqayisələr etmək niyyəti də yoxdur. Qəribədir ki, indi onlar Azərbaycan büdcəsinin niyə belə böyük olduğuna və belə sürətlə inkişaf elədiyinə görə hökuməti tənqid edirlər. Bu gün burada təklif səsləndirildi ki, bu büdcəni təsdiq etməyək. Nəyə görə, ona görə ki, bu büdcə 5 il bundan əvvəlki büdcədən 10 dəfə artıqdır.
Siz Azərbaycandan nə istəyirsiniz? İstəyirsiniz ki, Azərbaycan inkişaf eləməsin, Azərbaycan hökumətini tənqid eləmək üçün əlinizdə əsaslar olsun. Hesab edirəm ki, bu sizin istəyiniz ola bilər. Azərbaycan xalqının istəyi deyil. Azərbaycan xalqının istəyi Azərbaycanın iqtisadiyyatının sürətli inkişafıdır ki, bunu da Azərbaycanın Prezidenti İlham Əliyev təmin edə bilib.
Bir neçə il bundan əvvəl müxalifət Azərbaycanın neft pullarından istifadə olunmamasına görə hökuməti tənqid edirdi. İndi neftdən əldə olunan pullar Azərbaycanın gələcəyini təmin edən layihələr üçün istifadə edilir. Yenə də Azərbaycan müxalifəti Azərbaycanın neft pullarından niyə ölkənin inkişafı üçün, sosial rifahı üçün istifadə edilir deyə Azərbaycan hökumətini tənqid edir. Az qala deyirlər ki, niyə Azərbaycanın pulları xərclənir? Azərbaycanın pulları insanların həyatının yaxşılaşdırılmasına, infrastruktur layihələrinin həyata keçirilməsinə xərclənir. Əgər siz insanların rifahının yaxşılaşdırılması üçün bu layihələrin həyata keçirilməsini istəmirsinizsə, niyyətinizi ortaya qoymalısınız.
Neft amili ilə əlaqədar. Sübut eləmək istəyirlər ki, Azərbaycan iqtisadiyyatı və büdcəsi yalnız neft amilinə əsaslanır. Hesab edirəm ki, bu, əsassız və heç bir arqumentə söykənməyən fikirdir. Azərbaycanın indiki büdcəsi 10 milyard dollardır və 2008-ci ildə 10 milyard dollardan artıq olacaqdır. Bunun yarısı neft gəlirləri hesabına formalaşır. Demək, Azərbaycan büdcəsində olan təxminən 5 milyarddan yuxarı vəsait neft amili ilə bağlı deyildir. 4 il bundan qabaq Azərbaycanın büdcəsi cəmi 1 milyard dollar idi və onun da xeyli hissəsi neft hesabına əmələ gəlirdi. Özünüz hesablayın, görün nə qədər arqumentsiz, nə qədər məntiqsiz tənqid edirsiniz. Bu gün Azərbaycan büdcəsinin təxminən yarısı, yəni neftdən əldə olunmayan 5 milyard manatlıq hissəsi 4 il bundan əvvəlki Azərbaycan büdcəsindən 5 dəfə çoxdur. Bu, inkişaf deyilmi? Bu, Azərbaycan büdcəsinin neftdən kənarda olan iqtisadiyyat və istehsal sahələri hesabına formalaşması demək deyilmi?
Azərbaycandakı inkişafı Azərbaycanın hər bir vətəndaşı görür. Ola bilsin ki, bir qisim insanlar öz siyasi maraqlarından çıxış edərək Azərbaycandakı inkişafı görmək istəmirlər. Bilirsiniz, tənqid sağlam olarsa, o tənqidin arxasında duran niyyətlərin sağlam olması haqqında da fikir söyləmək olar. Əgər müxalifət, bizim opponentlərimiz sağlam əsaslara söykənən tənqidlə çıxış edib, Azərbaycan büdcəsinin yaxşılaşdırılması ilə əlaqədar təkliflərini versəydilər, onların tənqidlərinə bu cür sərt cavablar səsləndirilməzdi.
Mən hesab edirəm ki, 2008-ci ilin dövlət büdcəsi Azərbaycanın inkişafının sürətli tempini özündə əks etdirən diqqətlə hazırlanmış iqtisadi sənəddir. Bu büdcə onu göstərir ki, Azərbaycanın bu gündən sonrakı inkişafı da sürətli olacaqdır. Prezident İlham Əliyevin dəfələrlə bəyan elədiyi kimi, Azərbaycan yaxın gələcəkdə iqtisadi qüdrətə malik zəngin bir dövlətə çevriləcəkdir. Əlbəttə, inkişafı daha sürətli aparmaqdan ötrü tənqid də, təklif də səsləndirilə bilər. Amma hesab edirəm ki, bu təkliflərin səmərəli olması və ümumi işimizə xidmət etməsi üçün düşünməliyik.
Bütün bu fikirləri səsləndirərək, eyni zamanda, bir sıra təkliflərimi də bildirmək istəyirəm. Son illərdə Azərbaycanın bütün sahələrdə inkişafı göz qabağındadır. Bu inkişaf təhsil sahəsində də özünü göstərir. Mən rəqəmləri gətirmək istəmirəm. Rəqəmlər dəfələrlə səsləndirilib. Bütün bunların fonunda mən Azərbaycanda təhsil sahəsinə daha çox diqqət ayrılmasını tövsiyə edərdim. İlk növbədə bu, müəllimlərin əmək haqlarının artırılması ilə əlaqədardır. Azərbaycanda 2008-ci ildə orta əmək haqqı 233 manat nəzərdə tutulur. Təhsil sahəsində əmək haqqı bundan xeyli dərəcədə aşağıdır. Hesab edirəm ki, Azərbaycan hökuməti təhsil işçilərinin əmək haqqının orta əmək haqqı səviyyəsinə yaxınlaşdırılması istiqamətində səylərini artıracaqdır.
İkinci təklifim tələbələrin təqaüdlərinin artırılması ilə əlaqədardır. Hesab edirəm ki, təhsil sahəsində gələcək inkişafı təmin etməkdən ötrü bu çox vacib məqamlardan biridir. Mən təklif edirəm ki, tələbələrə təqaüdün diferensial şəkildə, yəni ünvanlı şəkildə verilməsi prinsipi həyata keçirilsin. Ona görə ki, bu təqaüdün hamı üçün əhəmiyyətli dərəcədə artırılması hələlik mümkün deyildir. Əslində, bəzi tələbələrin bəlkə də indi verilən təqaüdə ehtiyacı yoxdur. Amma ehtiyacı olan tələbələrin məişət şəraitinin təmin edilməsi baxımından təqaüdün ən azı 50 manata çatdırılması yaxşı olardı.
Xaricdə təhsil alan tələbələrlə əlaqədar böyük bir proqram həyata keçirilir. 2007, 2008, 2011-ci illərdə bu məqsədlə 5 milyard manat vəsaitin ayrılacağı nəzərdə tutulur. Bildiyimə görə, Prezident İlham Əliyevin təşəbbüsü ilə xaricdə təhsil almaq üçün Dövlət Proqramı hazırlanıb və həmin Dövlət Proqramı ilə əlaqədar olaraq yaxın bir neçə il ərzində 5 min tələbənin xaricdə təhsil alması nəzərdə tutulur. 2008–2011-ci illərdə bu qədər tələbənin xaricdə təhsil alması üçün ayrılmış 5 milyon manatın yetərli olmadığını düşünürəm və hesab edirəm ki, bunu da artırmağa ehtiyac var.
Nəhayət, pensiyaların artırılması ilə əlaqədar təkliflərimi vermək istəyirəm. Azərbaycanda 2008-ci ildə orta əmək haqqı 233 manat, orta pensiya isə təxminən 75 manat nəzərdə tutulur. Böyük bir fərq əmələ gəlir. Ümid edirəm, Azərbaycan hökuməti bu sahədə də olan fərqlərin aradan qaldırılması və pensiyaların ehtiyacı ödəyəcək qədər artırılması üçün səylər göstərəcəkdir.
Bütün bunlarla yanaşı, hesab edirəm ki, dövlət büdcəmiz kifayət qədər ciddi şəkildə hazırlanmış iqtisadi sənəddir və bu sənəd əsasında Azərbaycan 2008-ci ildə daha da inkişaf edəcəkdir. Mən bütün millət vəkillərini bu sənədə səs verməyə çağırıram.
Sədrlik edən. Çox sağ olun, Əli müəllim. Hadi Rəcəbli.
H. Rəcəbli. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hökumət üzvləri! Bugünkü büdcə ulu öndərimiz Heydər Əliyev dühasının təntənəsidir. Bugünkü büdcə Azərbaycan dövlətçiliyinin uğurlarından, onun qələbələrindən xəbər verir.
Mən çıxışıma dünən və bu gün səslənən bəzi fikirlərə başa düşdüyüm qədər cavab verməklə başlamaq istəyirəm. Burada büdcəmizin neftə söykəndiyini iddia edirlər. Bizə əski dövrlərdən misallar gətirirlər. Burada oturanların böyük əksəriyyəti bilir ki, 70-ci illərdə ulu öndərimiz Heydər Əliyevin iqtisadi siyasəti nəticəsində Azərbaycanda üzümçülük, şərabçılıq və tərəvəzçilik geniş inkişaf etdi və Rusiya bazarına biz məhsul göndərərək büdcəmizi müəyyən qədər formalaşdırdıq. O vaxtlar neftin adını tutan yox idi. Çünki o neft sovetlər ölkəsi tərəfindən idarə olunurdu və ondan Azərbaycan xalqının, demək olar ki, xəbəri olmurdu. Bu gün statistik rəqəmlər gətirən, ikinci dərəcəlini birinci dərəcəli kimi qabarıq şəkildə vermək istəyən siyasətçilər heç o dövrün həmin o planlaşdırma iqtisadiyyatından danışmırlar.
Neft siyasəti ulu öndərimiz cənab Heydər Əliyevin əsrin kontraktına imza atması ilə başlayan bir siyasətdir. Azərbaycan dövlətçiliyi, Azərbaycan xalqı o siyasətin çörəyini bu gün yeyir. Çox düzgün, ardıcıl, məqsədyönlü bir siyasət idi və bu gün də o siyasət uğurla davam etdirilir.
Ötən il oktyabrın 2-də möhtərəm Prezidentimiz cənab İlham Əliyev bu parlamentin binasında bizim önümüzdə çıxış etdi, qarşımızda çox maraqlı və çox diqqət cəlb edən vəzifələr qoydu. Vəzifələrin başlıcası o idi ki, iqtisadi inkişaf mütləq özünü sosial həyatda, insanlarımızın güzəranında, həyat tərzinin yaxşılaşdırılmasında göstərməlidir. Bu vəzifənin həyata keçirilməsi üçün icra strukturları ilə qanunvericilik orqanlarının birgə əməkdaşlığına bizim diqqətimizi cəlb etdi. İndi artıq icra strukturları ilə qanunvericilik orqanlarının birgə əməkdaşlığı həyatda və cəmiyyətdə gedən müsbət dəyişikliklərdə özünü göstərir. Bu gün iqtisadi idarəetmədə, sosial siyasətdə aparılan islahatlar qanunvericilik bazası ilə möhkəmləndirilir. Parlamentin bu sahədə xidmətini biz mütləq qeyd etməliyik. Hakimiyyətin qollarının əməkdaşlığı Prezidentimizin istəyidir və bu istək də özünün nəticəsini bugünkü müzakirələrdə tapıb.
Mən büdcə layihəsinin təqdim olunmasına münasibətimi bildirmək istəyirəm. Büdcəni təqdim edən hökumət nümayəndələri onu bizə yüksək səviyyədə çatdırdılar. Faktiki materiallar, təqdim olunan əyani vəsaitlər onu göstərir ki, büdcəmizin üzərində çox ciddi iş aparılır. Büdcəmizin, əsasən, iki istiqaməti burada öz əksini tapıb. Onun 32,8 faizi sosial məqsədlərə və 33,4 faizi investisiya məqsədlərinə yönəlib. Bu iki tendensiya sosial rifaha aparan yoldur. Prezidentimizin bu gün Azərbaycanda qurduğu dövlətçilik modeli məhz sosial rifah dövlətçilik modelidir.
Mən bu gün neft qoxusundan çox danışan həmkarlarıma çatdırmaq istəyirəm ki, Azərbaycan büdcəsindən neft qoxusundan çox sosial rifah qoxusu gəlir, daha yaxşı yaşamaq çağırışı eşidilir. Ona görə də hesab edirəm ki, bunu belə adlandırsaq, daha düzgün olar.
Büdcənin məziyyətlərindən çox danışa bilərik. Mən bəzi rəqəmləri nəzərinizə çatdırmaq istəyirəm. Büdcəmizdə yenə də proqramlar üzrə maliyyələşməyə üstünlük verilib. Orta əmək haqqı ötən ilə nisbətən 27,7 faiz, 2005-ci ilə nisbətən isə 2 dəfə artıb. Sosial müavinətlər, minimum əmək haqları, qaçqınlara verilən pullar 27,8 faiz artıb. Burada proqnozlar ehtiyatla və daha dəqiq göstərilib. İlk dəfə olaraq tibbi sığortanın pilot olaraq Siyəzən rayonunda aparılması nəzərdə tutulub. Qeyri-hökumət təşkilatlarına maliyyələşmə açılıb. Bunlar bizim büdcənin çox sevindirici və maraqlı cəhətləridir. Büdcəmizin profisiti də ilk dəfə olaraq burada öz əksini tapıb. Burada müsbət dəyişikliklər çoxdur.
Mən istəyirəm, xüsusi qeyd edəm ki, ünvanlı sosial yardımla bağlı çoxlu söhbətlər gəzir. Ən çətin, ən ağrılı, ən narahat işi bizim Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aparıb. Bu gün bu sahədə müəyyən irəliləyiş var. Sosial müdafiə xərclərinin səmərəli istifadə olunmasına xüsusi diqqət yetirilir, israfın qarşısı alınır, şəffaflıq təmin olunur, pensiyaların kartla ödənilməsi məsələsi önə çəkilir. Azərbaycanda yalançı əlilliyin sayı azalıb. Təsəvvür edin ki, bir müddət yalançı əlillərin sayı baş alıb gedirdi, rayonlarda əhalinin üçdə ikisi yalançı əlillərdən ibarət idi. Bu gün onların sayı azalıb. Bu, sosial müdafiə sahəsində çalışan adamların böyük zəhmətinin nəticəsidir. Sosial məsələlərə büdcədənkənar fondlar cəlb olunub. Bu, sevindirici haldır. Neft Fondundan qaçqınlar üçün vəsait ayrılır. Heydər Əliyev Fondundan səhiyyənin bir sıra sahələrinə vəsait ayrılıb.
Bu gün şəkərli diabet günüdür. Mən iftixar hissi ilə demək istəyirəm ki, deputat həmkarımız Mehriban xanımın səmərəli fəaliyyəti, apardığı ardıcıl iş sayəsində, maliyyə dəstəyi nəticəsində bu gün 15 yaşına qədər xəstə uşaqlar arasında insulin paylanması, digər əməliyyatlar aparılır. Heç də təsadüfi deyil ki, bu gün səmanın rənginə boyanmış Heydər Əliyev Fondunun binası da onu göstərir ki, biz dünyaya inteqrasiya edirik və BMT-nin tanıdığı qurumlardan biriyik.
Mən hörmətli nazirimiz Samir müəllimə minnətdarlığımı bildirmək istəyirəm. Oqtay müəllim, ötən il də büdcənin müzakirəsində səslənən fikirlər diqqətdən yayınmadı, bizim heç bir fikrimizə biganə münasibət göstərilmədi. Samir müəllim bizim qaldırdığımız məsələlərə böyük diqqətlə yanaşdı. Yadınıza gəlirsə, keçənilki müzakirələrdə şəhid ailələrinə müavinətin artırılması təklifi irəli sürüldü. Möhtərəm Prezidentimiz ona imza atdı və şəhid ailələrinə 100 manat müavinət verməyə başladıq. Bu bizim möhtərəm Prezidentimizin böyük xidmətidir.
Bu gün də belə bir problem var. Məncə, Qarabağ əlili, Qarabağ veteranı anlayışları dəyişməli, dəqiqləşdirilməlidir. Çünki orada əlində silah olan veteran da var, əlil də var, eyni zamanda, jurnalist kimi, dövlət məmuru kimi gedən də var. Bunlar sistemləşsə, yaxşı olar.
Başqa məsələ. Gənc ailənin sosial müdafiəsinə biz daha çox diqqət yetirməliyik. Bu məqsədlərə vəsait ayrılsa, yaxşı olar. Regional iqtisadi inkişafa xüsusi diqqət verməliyik. Mən burada Lənkəranla əlaqədar bəzi mülahizələrimi Samir müəllimlə bölüşdüm, səsləndirmək istəmirəm. Səhiyyənin maliyyələşməsində normativləşmədə xeyli nöqsanlar var. Normativləşmə məsələsinə bizim Hesablama Palatası diqqət yetirdi və düzgün etdi. Təsəvvür edin, bağça uşaqlarına elə normativlərlə yemək verilir ki, onu deməyə belə adamın dili gəlmir. Bu gün Samir müəllim sağ olsun ki, orada dəyişiklik olub, amma bu dəyişiklik də hələ qaneedici deyil.
Hesab edirəm ki, büdcə bütövlükdə məqbul büdcədir və mən bütün deputat həmkarlarımı ona səs verməyə çağırıram. Bu büdcədən, sözün əsl mənasında, sosial rifah qoxusu gəlir. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Musa Quliyev.
M. Quliyev. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! 2008-ci ilin dövlət büdcəsi zərfi “Büdcə sistemi haqqında” Qanunun tələblərinə tam uyğun şəkildə əhatəli və yüksək peşəkarlıqla hazırlanmışdır. Büdcə zərfinin hazırlanmasında əməyi olan hər kəsə təşəkkürümü bildirərək xüsusi razılıq hissi ilə qeyd etmək istəyirəm ki, Hesablama Palatası yaranandan bəri ilk dəfə olaraq büdcə layihəsi barədə ətraflı təhlilə əsaslanan kifayət qədər sanballı rəy hazırlayıb deputatların müzakirəsinə təqdim etmişdir.
Gələn ilin dövlət büdcəsinin təhlili bir daha göstərir ki, Azərbaycan dövləti ümummilli lider Heydər Əliyevin dahiyanə uzaqgörənliklə müəyyən etdiyi iqtisadi inkişaf və sosial tərəqqi yolu ilə uğurla irəliləyir. 2008-ci ilin icmal büdcəsinin cari ildəkindən 39,3 faiz, dövlət büdcəsi xərclərinin 34,7 faiz çox proqnozlaşdırılması bizə belə düşünməyə əsas verir ki, Azərbaycanın 2000-ci ildən başlanan sürətli iqtisadi inkişafı gələn il daha da uğurla davam etdiriləcəkdir. Ümumi daxili məhsulun, büdcə vəsaitlərinin, əhalinin pul gəlirlərinin ilbəil 20–30 faiz artımı bir daha sübut edir ki, ölkəmiz iqtisadi artım tempinə görə dünyada lider dövlətə çevrilməkdədir.
Hər bir azərbaycanlının qürur mənbəyi olan möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2003-cü ildə elan etdiyi sürətli sosial-iqtisadi inkişaf proqramı o zaman bəziləri üçün xəyal kimi görünsə də, cəmi 4 il ərzində həyatda əyani təsdiqini tapdı. 610 mindən çox yeni iş yerləri açıldı. Yoxsulluğun səviyyəsi 49 faizdən 20 faizə qədər aşağı düşdü. Orta aylıq əmək haqqı 2 dəfə yüksəldi. Yanacaq, energetika sahəsindəki problemlər tam aradan qaldırıldı, sahibkarlığın inkişafı geniş vüsət aldı, qeyri-neft sektorunun, regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları qəbul edildi və uğurla həyata keçirildi. Ölkəmizin iqtisadi qüdrəti artdıqca sosial sahənin inkişafına da diqqət yüksəlir. Əgər son illərə qədər biz, demək olar ki, bütün çıxışlarımızda təhsil, səhiyyə, sosial sahədəki problemlərdən və nöqsanlardan danışırdıqsa, indi bu sahələrdəki sürətli inkişafı və uğurlu islahatları görməmək, qeyd etməmək, sadəcə olaraq, insafsızlıq olardı.
Heydər Əliyev Fondunun yaxından dəstəyi ilə təhsil sahəsində görülən böyük işlər xüsusi ilə diqqətəlayiqdir. Təkcə onu qeyd etmək kifayətdir ki, son 3 ildə Azərbaycanda 1207 yeni məktəb binası tikilmiş, mindən çox məktəb əsaslı təmir olunmuşdur. Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi, təhsil sahəsinin inkişafının sürətləndirilməsi məqsədi ilə dövlət proqramları qəbul edilmiş və hazırda uğurla həyata keçirilməkdədir. Cari ildə cənab Prezidentin tapşırığı ilə Gəncədə 8 orta məktəb əsaslı təmir edilib, şagirdlərin istifadəsinə verilmişdir. Bu nəcib iş üçün cənab Prezidentə Gəncədən seçilən millət vəkilləri adından təşəkkürümüzü bildirərək hörmətli təhsil nazirimizdən xahiş edirəm ki, Gəncədə daha bir neçə məktəbin əsaslı təmir edilməsini və mərkəzləşdirilmiş istilik sistemi ilə təchiz olunmasını imkan daxilində gələn ilin iş planına salsın.
Səhiyyə sahəsində də son illərdə əldə edilən uğurları qeyd etməyi vacib sayıram. 9 sahə üzrə xüsusi tibbi-sosial əhəmiyyət kəsb edən xəstəliklərin müalicəsinin dövlət proqramları çərçivəsində maliyyələşdirilməsini, ümumi profilaktika siyasətinin aparılmasını, dərman təchizatı sahəsindəki islahatları, icbari tibbi sığortaya gələn ildən başlanması kimi məsələlərin dövlət büdcəsinə salınmasını səhiyyəmizin uğurlu perspektivi kimi qiymətləndirirəm. Cənab Prezidentin xüsusi qayğısı sayəsində son illərdə regionlarda bir-birindən gözəl və müasir müalicə diaqnostika mərkəzləri açılır. Belə mərkəzlərdən biri də Gəncə şəhərində tikilir və gələn il istifadəyə veriləcəkdir. Gəncənin qərb bölgəsindəki xüsusi yerini və əhəmiyyətini, güclü tibb kadrları potensialına malik olmasını nəzərə alaraq təklif edərdim ki, Gəncədə müasir səviyyədə kompleks müayinə və müalicə apara bilən tibbi kliniki mərkəzin yaradılması üçün 2008-ci ilin büdcəsindən vəsait ayrılması nəzərdə tutulsun. Ümumiyyətlə, qeyd etmək istəyirəm ki, kənd rayonlarında səhiyyə müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinə, müasir rentgen, kompüter-tomoqraf, nüvə rezenansı, ultrasəs və endoskopik aparatlarının alınmasına, bu xidmətlərə əhalinin əl çatanlığının təmin edilməsinə ciddi ehtiyac vardır.
Təqdirəlayiq haldır ki, gələn ilin büdcə xərclərinin 32,8 faizi sosial yönümlü xərclər olacaqdır. Büdcədən maliyyələşən təşkilatlarda çalışan 630 min nəfərin əmək haqqının artırılması gözlənilir. Xahiş edərdim ki, müəllimlərin və həkimlərin əmək haqlarının artırılmasına xüsusi diqqət yetirilsin və bu kateqoriyadan olan işçilərin əmək haqlarının respublika üzrə orta aylıq əmək haqqı səviyyəsinə çatdırılması üçün tədbirlər görülsün.
Sosial təminat və sosial müdafiə məsələləri ilə bağlı fikirlərimi Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin müzakirəsi zamanı söyləyəcəyəm. Lakin burada da qeyd etmək istəyirəm ki, gələn ilin büdcəsində pensiyaların, müavinətlərin, ünvanlı dövlət sosial yardımlarının məbləğinin artırılmasının nəzərdə tutulması dövlətimizin aztəminatlı əhalinin sosial müdafiəsinə diqqətinin ifadəsi kimi qeyd olunmalıdır.
Çıxışımın sonunda 2008-ci il dövlət büdcəsinin investisiya tutumlu və sosial yönümlü büdcə olduğunu bir daha vurğulayaraq, büdcəmizin xalqımızın rifah halının yüksəlməsinə, Azərbaycanın qüdrətlənməsinə xidmət edəcəyinə əmin olduğunu bildirir və millət vəkillərinin təklifləri də nəzərə alınmaqla təsdiq edilməsini məqsədəuyğun hesab edirəm. Prezidentimizə və hökumətimizə uğurlar arzulayıram. Sağ olun.


Azərbaycan  Respublikası  Milli  Məclisi  Sədrinin
birinci  müavini  Z. Əsgərov  sədrlik  edir

Sədrlik edən. Çox sağ olun, Musa müəllim. Əli Məsimli.
Ə. Məsimli. Çox sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri, hörmətli hökumət nümayəndələri, media mənsubları, xanımlar və cənablar! Hamınızı salamlayıram. Büdcənin müzakirəsi hər bir ölkənin həyatında çox böyük hadisədir və biz həmin hadisəni yaşayırıq. Burada səsləndirilən bir sıra fikirlər məni büdcənin detallarına varmadan həm hökumət nümayəndələrinin, həm də millət vəkillərinin çıxışı kontekstində bir sıra konseptual məqamlara toxunmağa vadar edir.
2008-ci ilin büdcəsi nədir məqamından başlayıram. Əvvəlcə kəmiyyət tərəflərini qeyd etmək istəyirəm. Bir neçə il bundan qabaq, 2004-cü ildə biz çox fəxrlə qeyd edirdik ki, adambaşına düşən ümumi daxili məhsulumuz 1000 dolları ötdü. 2008-ci ilin büdcəsində artıq adambaşına düşən büdcə vəsaiti 3000 dolları ötür. Deməli, bu, kifayət qədər irəli getmiş büdcədir. 2008-ci ilin büdcəsi 2004-cü ilin ümumi daxili məhsulu qədərdir. Bir neçə il bundan qabaqkı büdcə qədərdir. 2008-ci ilin büdcəsinin artımı 2 milyard 194 milyon manat olacaq ki, bu da 2005-ci ilin 2,1 milyardlıq büdcəsindən çoxdur. Bu, eyni zamanda, məsuliyyətin artmasını ön plana çəkir. Sadəcə, büdcə vəsaitinin artırılması üçün yox, həmin vəsaitdən daha səmərəli istifadə edilməsi üçün çox səmərəli, effektli rıçaqların yaradılmasına böyük ehtiyac var.
Mən məsələyə bu kontekstdən yanaşacağam. Proqnozlarda göstərilir ki, Azərbaycanın ümumi daxili məhsulu 2006-cı ildəki 35 faizdən 2011-ci ildə 3,5 faizə enəcək. Bu o vaxt olacaq ki, biz kifayət qədər orta səviyyəli sosial müdafiə sistemi quracağıq. Bu o vaxt olacaq ki, dünyada hələ sürətli artım 2040-cı ilə qədər davam edəcək. Bu o vaxt olacaq ki, MDB-nin orta artım tempi 3,5 faizdən yüksək olacaq. Biz mütləq və mütləq islahatların ikinci, yeni mərhələsinə başlamalıyıq ki, bizdə artım 2011-ci ildə 3,5 faizə enməsin, haradasa 8–10 faiz üzərində olsun. Biz bunu ona görə etməliyik ki, artıq faldan yemək prinsipinə keçib neft pullarını xərcləməyək, ölkəmizin iqtisadi və sosial sistemini öz təsərrüfat fəaliyyətimizin nəticələri üzərində quraq.
Bu çox ciddi xarakterli məsələdir. Ona görə də bu yüksək iqtisadi artıma davamlı xarakter verməkdən ötrü islahatların yeni mərhələsi başlamalıdır və bu da büdcə-vergi siyasətində öz əksini tapmalıdır. Mən nahaq yerə vergilərin aşağı salınması məsələsini demədim. İqtisadi fəallığı artırmaq üçün mütləq o addımı atmaq lazımdır. İkinci tərəfdən büdcənin özünün də tənzimləyici funksiyasını artırmaq lazımdır.
Onda bir neçə sual ortaya çıxacaq. 2008-ci ildə qəbul etdiyimiz büdcə Azərbaycan vətəndaşlarına nə verəcək, iş adamına nə verəcək, dövlət hakimiyyət orqanında işləyənə nə verəcək? İkinci, əgər büdcə artırsa, bu, dəqiq bir məsələdir ki, büdcənin artım tempi 20 faizdən yüksək olanda artıq o, inflyasiyanı gücləndirən, yəni inflyasiya təzyiqi güclü olan bir büdcəyə çevrilir. Düzdür, hökumət inflyasiya xarakterli amillərin tempini aşağı salmaqla bunu neytrallaşdırmağa çalışıb. Amma hər halda yenə də 2008-ci ilin büdcəsində inflyasiya təzyiqi heç də 2007-ci ilin büdcəsindəki inflyasiya təzyiqindən aşağı olmayacaq. Ona görə də ən ciddi məsələlərdən biri ondan ibarətdir ki, artan əmək haqqı, artan pensiya, artan müavinətlər inflyasiyanın yeminə çevrilməsin, vətəndaşların cibinə getsin, onların rifahının yaxşılaşdırılmasına sərf olunsun.
Mən birinci təklifimi verirəm. Hər il büdcə təsdiq olunduqdan sonra qanun səviyyəsində Prezident fərmanı ilə o ilin büdcəsinin tətbiqinə dair bir sənəd ortaya çıxır. 2008-ci il büdcəsinin tətbiqinə dair qəbul olunacaq həmin sənəddə antiinflyasiya tədbirlərinə dair 2005-ci il 31 may tarixli fərmanın monitorinqinin və antiinflyasiyaya dair yeni tədbirlərin həyata keçirilməsi istiqamətində göstərişin olmasını mən vacib hesab edirəm.
İkinci ciddi məsələ. Büdcə artıb, çox yaxşı. Amma gəlin görək, Hesablama Palatası, Xəzinədarlıq, parlament və Maliyyə Nazirliyinin digər strukturları bu büdcənin xərclərinin neçə faizinə nəzarət edə bilər. Əgər obyektiv yanaşılsa, çox aşağı faizinə nəzarət edə bilər. Hamının yadındadır, keçən ilin büdcəsi müzakirə olunarkən söz verilmişdi ki, xərclər strategiyası bu il artıq hazır olacaq. Yoxdur. Deyilmişdi ki, dövlət maliyyəsi ilə bağlı qanun layihəsi hazır olacaq. Yoxdur. Bundan əlavə, “Büdcə sistemi haqqında” Qanun, digər normativ sənədlər təkmilləşdirilərək Büdcə Məcəlləsi işlənib hazırlanmalıdır. İnflyasiyanın bəlkə yarıdan çoxu spekulyativ xarakterli, inhisar xarakterli amillərlə bağlıdır. Ona görə də Antiinhisar Məcəllənin ortaya qoyulma vaxtıdır. Tikinti ilə bağlı, görün, nə qədər problemlər var. Tikinti haqqında qanun ortaya qoyulmalıdır. Çox vacibdir ki, inflyasiyanın xeyli dərəcədə aşağı salınması üçün zəruri tədbirlərin hüquqi bazası formalaşmış olsun.
Növbəti məsələ ondan ibarətdir ki, Neft Fondundan ayırdığımız vəsaitin 2007-ci ilə nisbətən artım tempi büdcənin artım tempindən 3 dəfə artıqdır. Hesab edirəm ki, kölgə iqtisadiyyatını aşağı salmaqla, vergilərin yığılmağının effektivliyini artırmaqla büdcə gəlirlərinin səviyyəsini xeyli yüksəltmək olar. Büdcə sənədlərini açıb baxanda görürsən ki, gəlirləri artırmaq üçün orada nə qədər potensial imkanlar var. Həmin potensial imkanlardan yararlanmaqla Neft Fondundan ayrılan vəsaitin payını aşağı salmaq olar. Digər tərəfdən, başqa ölkələrdə olduğu kimi, Neft Fondundan büdcəyə ayırmalarda ümumi daxili məhsulun 2,5–3 faizi səviyyəsində məhdudiyyət qoyulmalıdır ki, bu da Neft Fondundan vəsaitin daha səmərəli istifadə olunmasında çox mühüm əhəmiyyət kəsb edə bilər.
Mənim xüsusi qeyd etmək istədiyim bir məsələ də ondan ibarətdir ki, xərclərin balansı pozulub, bir ifratdan başqa ifrata keçirik. İndi artıq qoyulan sərmayələrin yeni dəyər yaratmaq nöqteyi-nəzərdən gücü əvvəlki dövrlərin sərmayəsi səviyyəsində olmayacaq. Ona görə də o sərmayələrin strukturunun təkmilləşdirilməsinə ehtiyac var.
Bütün sahələrdə kifayət qədər yüksək artım var. Kənd təsərrüfatında artım 3,6 faizdir. Əgər biz inflyasiyanın aşağısını 12 faiz, yuxarısını 14 faiz götürürüksə, deməli, kənd təsərrüfatında artım yox, azalma gedir. Sahibkarlığın inkişafına bu il 80 milyon ayrılmışdı, gələn il də 80 milyon ayrılır. Bu o deməkdir ki, sahibkarlığın inkişafına, istehsal sahəsinin inkişafına biz vəsait ayırmaq istəmirik. Mən bunu deyəndə təzə dövlət müəssisəsinin açılmasından, təzə kolxozun, sovxozun yaradılmasından danışmıram. Azərbaycanın büdcə mexanizmi vasitəsi ilə bilavasitə istehsal sahələrini inkişaf etdirmək lazımdır. Biz istifadə etdiyimiz məhsulun üçdə iki hissəsini xaricdən gətiririk. Belə bir halda yerli istehsalın inkişaf etdirilməsinə büdcə hansı dəstəyi, hansı köməyi verir? Bu, kifayət qədər ciddi xarakter daşıyır.
Gələn il 630 min adamın əmək haqqı artacaq, amma onun əlavəsini kənara qoyanda görürük ki, bu artım adambaşına 24 manat təşkil edir. 24 manat həddən artıq azdır. Ona görə də müəllimlərin, həkimlərin, zabitlərin, elm xadimlərinin əmək haqqının, tələbələrin stipendiyalarının artmasını vacib hesab edirəm. Əgər belə olarsa, 2008-ci ilin büdcəsi bir sıra ciddi məqamlarla – ipoteka ilə, batmış əmanətlərin qaytarılması istiqamətində çox sanballı addımlarla tarixə düşən yaxşı bir büdcə olar. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Nazim Məmmədov.
N. Məmmədov. Çox sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! İlk növbədə mən büdcənin hazırlanmasında əməyi olmuş insanlara və büdcəni təqdim edən hörmətli hökumət üzvlərinə minnətdarlığımı çatdırıram. Ümid edirəm ki, ilbəil ölkənin ali iqtisadi qanununun kəmiyyət göstəriciləri artdıqca onun keyfiyyət göstəriciləri də yaxşılaşacaq. Heç kəsə sirr deyil ki, Azərbaycan neft ölkəsidir və bir müddət büdcənin gəlir hissəsində neft sektorundan daxilolmaların xüsusi çəkisinin qeyri-neft sektorundan daxilolmalardan çox olması təbii qarşılanmalıdır. Qeyri-neft sektorunun inkişaf dinamikası və büdcənin gəlir hissəsini təmin edən dövlət qurumlarının apardığı işlər bizə əsas verir ki, hökumətin və ölkə başçısının bu istiqamətdə apardığı siyasəti dəstəkləyək və seçilmiş hədəflərə çatmaq üçün qanunvericilik bazasını təkmilləşdirək.
Büdcədə pozitiv məqamlar haqqında hörmətli millət vəkillərinin söylədiklərinə dəstək verməklə yanaşı, bəzi məsələlər barədə fikir mübadiləsinin aparılmasına ehtiyac olduğunu güman edirəm. Ümid edirəm ki, millət vəkillərinin fikirlərinə həmişə olduğu kimi, hökumət diqqətlə yanaşacaq.
Büdcə layihəsində mənim diqqətimi çəkən məqamlardan birincisi Neft Fondu ilə büdcənin münasibətidir. Bildiyimiz kimi, Neft Fondunun xərcləri 1 milyard 671 milyon manat təşkil edir. Bunun 1 milyard 100 milyon manatı büdcəyə transfer olunacaq və 571,1 milyon manatı dövlət əhəmiyyətli tədbirlərin maliyyələşməsinə yönəldiləcək. O cümlədən qaçqın və məcburi köçkünlərin sosial məişət şəraitinin yaxşılaşdırılmasına 145 milyon, Oğuz–Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsinə 211,8 milyon, Samur–Abşeron suvarma sisteminin yenidən qurulması xərclərinə 121,6 milyon, Bakı–Tbilisi–Qars dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 88,7 milyon, 2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil alması üzrə dövlət proqramına 5 milyon manat xərclənəcək. Gördüyümüz kimi, bunlar çox əhəmiyyətli və vacib layihələrdir və onlara Neft Fondundan vəsaitin xərclənməsi məqsədəuyğundur. Ümid edirəm ki, büdcə qəbul olunduqdan sonra Nazirlər Kabineti investisiya layihələrinin strukturunu dəqiqləşdirəndə 1 milyard 100 milyon haqqında da şəffaf məlumat veriləcək və bu, artıq bizim opponentlərdə ciddi suallar doğurmayacaq.
Əlbəttə, ən yaxşısı o olardı ki, biz Neft Fondunun vəsaitlərini qoruyub saxlayaq və Norveçin müsbət təcrübəsindən faydalanaraq Neft Fondunun vəsaitlərinin idarə edilməsindən daxil olacaq vəsaitləri transfer edək. Ancaq əfsuslar olsun ki, bizim Qarabağ problemimiz və sovetlər birliyindən miras qalmış kifayət qədər iri vəsait tələb edən digər problemlərimiz var və qalmaqdadır. Həmçinin Neft Fonduna ayrılan vəsaitlərin idarə olunmasında da təkmilləşdirmə aparılmasına ehtiyac duyuruq. Azərbaycanın özəl sektorunda kifayət qədər layihələr var ki, bunlara 8 faiz illik vəsait tapmaq, sahibkarların dili ilə desək, göydən düşmüş kimi olardı.
Diqqətinizə çatdıracağım ikinci məsələ dövlət büdcəsinin kəsiri ilə bağlıdır. Hesab edirəm ki, büdcə kəsirinin ümumi daxili məhsulda xüsusi çəkisinin 3,6 faiz olması hər halda bir az riskli görünür. Son vaxtlar profisitlə işləmiş hökumətin birdən-birə 1 milyard 126 milyon manat kəsiri olan büdcə təqdim etməsi müəyyən mənada cəsarət tələb edir. Nəzərə alaq ki, bu rəqəm 13 faizdən yuxarıdır. Fikrimcə, büdcə kəsiri 2 faizi ötməməlidir. Bu, inkişaf etmiş ölkələrin də büdcəsində belədir, misal üçün, ABŞ-ın builki büdcəsində 1,2 faizdir. Kəsirin azaldılması üçün dövlət istiqrazlarının ölkənin daxilində və xaricində yerləşdirilməsi təcrübəsi barədə hökumət tərəfindən, fikrimcə, həm millət vəkillərinə izahat verilməli, həm də maarifləndirmə işi gücləndirilməlidir ki, bu, insanlarda başqa suallar doğurmasın.
Büdcə kəsirinin maliyyələşdirilməsində özəlləşdirmədən daxilolmaların 50 milyon manat olacağı nəzərdə tutulur. Bu çox sevindirici haldır. Çünki son 3 ildə özəlləşdirmədən orta hesabla ildə 2 milyon manatdan artıq vəsait daxil olmurdu. Birdən-birə belə bir sıçrayışın hansı müəssisənin özəlləşdirilməsi hesabına proqnozlaşdırılmasını bilmək mənə və hörmətli millət vəkillərinə maraqlı olar. Əgər bu, Kapital Bankın özəlləşdirilməsi hesabına olacaqsa, Sovet dövründən qalmış vəsaitlərin, əmanətlərin inventarizasiyası həyata keçirilməli və Kapital Bankın investisiya prospektində bu öz əksini tapmalıdır. Bu vəsaitlər qiymətli kağızlar, səhmlər vasitəsi ilə təkrar bazarda əhalimizə qaytarılmalıdır. Bununla dövlətin yükünü azaltmış olarıq. Çünki bu təqdirdə həmin vəsaitləri dövlətdən tələb etməyəcəyik, təkrar bazardan bu qayıdacaq.
1997-ci ildə paylanmış çeklərin müddətinin 2010-cu ilə qədər artırılması haqqında cənab Prezidentin verdiyi sərəncamı mən çox müsbət hal kimi qiymətləndirirəm və ümid edirəm ki, özəlləşdirməyə açılacaq müəssisələrdə vətəndaşlarımızın həmin çeklərdən istifadə etməsi təmin olunacaq.
Üçüncü məsələ vahid xəzinə qalığı ilə bağlıdır. İlin sonunda bu, 725 milyon manat proqnozlaşdırılır. Bu, diqqəti çəkən məsələ olduğuna görə mən bunun da üstündə dayanmağı məqbul saydım. Bəzi layihələrin həyata keçirilməsi üçün biz maliyyə mənbələri axtarırıq, ancaq bu qədər məbləğin cari ildə istifadə olunması bir az təəccüb doğurur. Məsələn, mən keçən il büdcənin müzakirəsi zamanı hökumətin diqqətini sərhəd kəndlərində təbii qazın çəkilişi ilə bağlı hörmətli Prezidentin Gədəbəydə səfərdə olarkən verdiyi göstərişi diqqətə çəkdim və “Azəriqaz”a yazılı müraciət etdim. Ancaq cavabında vəsaitin olmaması haqqında məlumat verdilər. Bir daha bu məsələyə diqqəti çəkməyi borc bilirəm. Bizim üçün Türkiyə də, Gürcüstan da, Avropa ölkələri də önəmlidir və onlara təbii qazın verilməsi, satılması çox vacibdir. Bununla yanaşı, hesab edirəm ki, Ermənistanla həmsərhəd kəndlərə, – mənim seçildiyim region da bura daxildir, – qaz xətti olmayan bu yaşayış məntəqələrinə qaz xəttinin çəkilməsi də önəmlidir. Ümid edirəm ki, bu məsələ 2008-ci ildə öz həllini tapacaqdır.
Maliyyə Nazirliyi, təbii ki, bəzi məsələlərə dair sualları cavablandıracaq. Mən keçən ilin müzakirəsində təklif etmişdim ki, cənab Prezidentin ehtiyat fondu artırılsın. Bu gün səslənən fikir məndə bir qədər təəccüb doğurdu. Çünki büdcənin bütün maddələri “Büdcə sistemi haqqında” Qanuna müvafiq hazırlanmışdır və orada Prezidentin ehtiyat fondunun xərclərin 2 faizi məbləğində artırılması təsdiqini tapır. Hesablasaq, görərik ki, ayrılan vəsait “Büdcə sistemi haqqında” Qanunda nəzərdə tutulduğundan bir az da azdır. Yəqin ki, bizim hörmətli Azər müəllim bu barədə geniş fikir söyləyəcək. Mən bir daha büdcəyə müsbət münasibətimi qeyd edir və hörmətli millət vəkillərini ona səs verməyə çağırıram. Sağ olun.


Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir

Sədrlik edən. Çox sağ olun. Rafiq Məmmədhəsənov.
R. Məmmədhəsənov. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Bizə təqdim olunan 2008-ci ilin dövlət büdcəsi haqqında sənədlərlə tanış olandan sonra belə nəticəyə gəldim ki, dövlət büdcəsi həm neft, həm də qeyri-neft sektorunun inkişafını nəzərdə tutur. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin təqdim etdiyi dövlət proqramlarının və tədbirlərin həyata keçirilməsi, ölkənin müdafiə potensialının gücləndirilməsi, xalqın güzəranının yaxşılaşdırılması və ölkənin hərtərəfli inkişafı nəzərə alınır.
Milli neft strategiyasının inkişafını sübut edən Bakı–Tbilisi–Ceyhan neft boru kəmərinin istismara verilməsi, Cənubi Qafqaz qaz boru kəmərinin inşasının tamamlanması ölkə iqtisadiyyatının sürətlə inkişaf etdirilməsinə güclü təkan vermişdir. Belə ki, 2007-ci ilin sonunadək qeyri-neft sektorunda ümumi daxili məhsulun 10 faiz real artımı gözlənilir. Bunların hamısı əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş daxili və xarici siyasətin cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir.
2008-ci ilin dövlət büdcəsində sosial müdafiə və sosial təminat xərclərinin artırılması, minimum əmək haqqının və pensiyaların artırılması, həmçinin müdafiə, hüquq mühafizə orqanlarında, dövlət büdcəsindən maliyyələşən təhsil müəssisələrində çalışan işçilərin əmək haqlarının artırılması hökumətin qarşısında məqsəd kimi qoyulmuşdur. Dövlət büdcəsində sosial yönümlü xərclərin xüsusi çəkisi 32,8 faiz təşkil edəcəkdir ki, bu da 2007-ci illə müqayisədə 26,5 faiz çoxdur.
Mən həkimlərin, müəllimlərin, alimlərin maaşlarının əhəmiyyətli dərəcədə artırılmasını hökumətdən xahiş edirəm. 2008-ci ilin dövlət büdcəsində elm, təhsil, səhiyyə və mədəniyyət üzrə məqsədli dövlət proqramlarının maliyyə təminatı üçün 1 milyard 342 milyon manat vəsait nəzərdə tutulmuşdur. Elmi xərclər üçün 64 milyon manat vəsait ayrılmışdır ki, bu da 2007-ci illə müqayisədə 40,2 faiz çoxdur. Təhsil xərcləri üçün ayrılan vəsait ötən ilkindən 28,5 faiz çoxdur. Cənab Prezidentin göstərişi ilə hər il 5 min tələbənin xarici ölkələrə göndərilməsi təhsilə olan dövlət qayğısının təzahürüdür.
Azərbaycan 15 illik müstəqillik tarixinə malik olan bir ölkədir və özünə uyğun təhsil sistemi vardır. Hazırda Azərbaycan təhsilini Avropa ölkələrinin təhsili səviyyəsində görmək, zənnimcə, hələ tezdir. Təhsildə inqilabi dəyişiklik etmək olmaz. Burada təkamül dəyişikliyi etməliyik, təkamül yolu ilə getməliyik. Azərbaycan təhsilinin Boloniya prosesinə qoşulması təhsildə müsbət dəyişikliklər etməyə imkan verəcəkdir.
2008-ci ilin dövlət büdcəsində səhiyyə xərcləri üçün 330,4 milyon manat vəsait nəzərdə tutulub ki, bu da ötən ilkindən 18,5 faiz çoxdur. Yaxşı haldır ki, bir sıra dövlət proqramlarına, xüsusi ilə şəkərli diabet, hemofiliya və talassemiya xəstəliklərinin, həmçinin şiş əleyhinə dərman preparatları ilə təminatına, yoluxucu xəstəliklərin profilaktikasına, ana və uşaqların sağlamlığının qorunmasına, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair dövlət proqramlarına vəsait xüsusi qrafa ilə ayrılmışdır. Qeyd etmək lazımdır ki, MDB ölkələri arasında Azərbaycan Şəkərli diabetə dair xüsusi Dövlət Proqramı hazırlamış ilk respublikadır. Bunların hamısı xalqın rifahını yaxşılaşdırmaq üçün atılan addımlardır.
Hökumət üzvlərinin burada iştirak etməsindən istifadə edərək bir məsələni qeyd etmək istəyirəm. Məndən əvvəl çıxış eləyən deputat həmkarım Nazim Məmmədov da həmin məsələyə toxundu. Mən də bu məsələyə toxunmağı lazım bilirəm. Gədəbəy rayonu Ermənistanla 120 km uzunluğunda sərhəd zolağına malikdir. Yəni strateji əhəmiyyətli rayondur və Azərbaycanın qərb zonasında Azərbaycanla Ermənistan arasında bir sipərdir. Gədəbəyin mərkəzinə gedən magistral qaz kəməri rayonun Nəriman və Ağamalı kəndlərinin yaxınlığından keçir. Lakin bu kəndlərə qaz çəkilməmişdir. Eləcə də rayonun bir sıra digər kəndlərində qışda qızınmaq üçün məcbur olub meşələri qırırlar. Seçicilərim, xüsusi ilə Nəriman və Ağamalı kəndlərinin sakinləri mənə çoxlu sayda müraciətlər edir, kəndlərinin qazlaşdırılmasına kömək etməyi xahiş edirlər. Nəzərinizə çatdırıram ki, ölkə Prezidenti İlham Əliyev Gədəbəydə olarkən aidiyyəti təşkilatlara rayonun kəndlərinin qazlaşdırılması barədə göstəriş vermişdir. Ona görə də rayonun kəndlərinə qaz çəkilişinin 2008-ci ilin dövlət büdcəsinin investisiyalar proqramına salınmasını hökumətdən xahiş edirəm. Bütövlükdə büdcə layihəsinə münasibətim müsbətdir və onun lehinə səs verəcəyəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Vidadi Məmmədov, buyurun.
V. Məmmədov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli hökumət üzvləri, hörmətli deputatlar! Müstəqil Azərbaycanın iqtisadi inkişaf strategiyasını ümummilli liderimiz Heydər Əliyev müəyyənləşdirdi. Sözünü əməli işləri ilə təsdiqləyən möhtərəm Prezidentimiz cənab İlham Əliyev bu strategiyanı nəinki həyata keçirdi, həm də ona daha mütərəqqi və müasir yeniliklər gətirdi, Avropa-Qafqaz-Asiya nəqliyyat və kommunikasiya dəhlizində böyük layihələrin həyata keçirilməsini reallaşdırdı. Eyni zamanda, o, regionda dünya üçün problem sayılan enerji təhlükəsizliyinin təmin olunmasına nail oldu. Aparılan siyasətin nəticəsi 2008-ci ilin dövlət büdcəsi zərfində öz əksini tapmışdır.
Büdcə layihəsi elmi nəzəriyyələrə əsaslanaraq ölkənin inkişaf konsepsiyasına uyğun və yüksək səviyyədə hazırlanmışdır. Ona görə də büdcə zərfini hazırlayanlara minnətdarlığımı bildirirəm. Büdcə layihəsi faktlarla zəngin olduğuna və ətraflı hazırlandığına görə layihənin əsas cəhətləri haqqında fikrimi bildirmək istəyirəm. Hesabata görə 2008-ci ildə dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 23,5 faizi həcmində olacaqdır. Bu da 2007-ci ilin təsdiq olunmuş göstəricilərinə nisbətən 27,9 faiz çoxdur. Gəlirlərin əsas mənbələri vergi yığımlarından və neft sektorundandır. Neft sektorundan olan gəlirlərin artması ölkədə iri həcmli layihələrin uğurla həyata keçirilməsinin və bu sahənin genişlənməsinin göstəricisidir. Vergilərdən əldə olunan gəlir isə iqtisadiyyatın dinamik inkişafından, vergi siyasətinin düzgün aparılmasından xəbər verir.
2008-ci ildə Vergilər Nazirliyi üzrə 5 milyard manat və ya 2007-ci ilin təsdiq olunmuş göstəricilərinə nisbətən 17,9 faiz çox daxilolmalar nəzərdə tutulmuşdur. 2008-ci ildə neft sektorundan vergi yığımlarının 2007-ci ilə nisbətən 3 faiz, qeyri-neft sektorundan vergi yığımlarının isə 2007-ci ilə nisbətən 42,8 faiz çox olacağı proqnozlaşdırılır. Bu çox müsbət göstəricidir. Ümumilikdə Vergilər Nazirliyi tərəfindən təmin ediləcək gəlirlərin dövlət büdcəsinin gəlirlərində xüsusi çəkisi 67,7 faiz təşkil edəcəkdir. Buradan görünür ki, vergi siyasətinin düzgünlüyü və onun təkmilləşdirilməsi respublikamızı inkişaf etmiş ölkələr sırasına çıxarır.
Büdcə layihəsinin gəlirlərinin düzgün proqnozlaşdırılmasında, xərclərin bölünməsində və onların istiqamətlərinin tənzimlənməsində ardıcıllığa nəzarət edilməsi Maliyyə Nazirliyi tərəfindən layiqincə həyata keçirilir. Layihədə qeyri-neft sektorunun inkişafına xüsusi yer verilməsi diqqəti cəlb edir. Nəqliyyat sahəsinin, rabitənin inkişafı, informasiya texnologiyalarının tətbiqi Azərbaycanı bölgədə lider ölkəyə çevirməklə xarici ölkələrlə əlaqələri intensivləşdirir, xalqımızın iqtisadi və intellektual səviyyəsini yüksəldir.
Qeyri-neft sektorunun inkişafı regionlara öz müsbət təsirini göstərməkdədir. Ona görə də cənab Prezident regionlara səfər edəndə xalqın öz rəhbərinə böyük etibar və inam göstərdiyinin şahidi oluruq. 2008-ci ilin dövlət büdcəsinin xərclərinin əsas istiqamətləri ilə tanış olduqda həmin bölgünün iqtisadi inkişafa, həmçinin insan amilinin əsas götürülməsinə və respublikanın uzunmüddətli inkişaf strategiyasına uyğun olduğunu görürük.
Layihədə müdafiə xərclərinin artımı dövlətçiliyimizə və Ali Baş Komandana daim sədaqət nümayiş etdirən ordumuzun daha da güclənməsinə səbəb olacaq, habelə işğal olunmuş torpaqlarımızın qaytarılmasına təminat verəcəkdir. Büdcə layihəsinin ölkənin strateji siyasətinə uyğun olaraq sosial yönümlü olması insanların həyat şəraitinin yaxşılaşdırılmasına, yoxsulluğun azaldılmasına xidmət edir. Bu da əhali tərəfindən müsbət qarşılanacaqdır. Əsaslı vəsait qoyuluşuna xərclərin artırılması, istehsal müəssisələrinin açılması, yeni texnologiyaların tətbiqi yeni iş yerlərinin açılması deməkdir. Ümumiyyətlə, əsaslı dövlət vəsaiti qoyulmadan ölkənin və iqtisadiyyatın stabil inkişafına nail olmaq mümkün deyil. Ona görə də bu istiqamətə xüsusi fikir verilməsi təqdirəlayiqdir.
Ölkəmiz yeraltı və yerüstü sərvətlərlə nə qədər zəngin olsa da, yeni texnologiyasız və intellektsiz bu sərvətlərdən düzgün bəhrələnmək mümkün deyil. Məhz ona görə də layihədə təhsil xərclərinə xüsusi yer verilməsi çox önəmlidir. Son illərdə təhsilin inkişafı üçün 20-yə yaxın məqsədli proqram qəbul olunmuşdur. Təhsilin keyfiyyətinə və inkişafına təsir göstərən əsas amillərdən biri də onun maddi-texniki bazasının yaradılmasıdır. Bu istiqamətdə Heydər Əliyev Fondu tərəfindən misli görünməmiş işlər həyata keçirilir. Lakin təhsilin keyfiyyəti, maddi-texniki bazasının yaradılması, yeni texnologiyaların tətbiqi ilə yanaşı, təhsilin peşəkar səviyyədə təşkili və idarə olunmasıdır.
Hazırda əhalinin sayının artması və inkişafı sayəsində ölkədə 4618 orta məktəbdə 1 milyon 565 min şagird, 61 orta ixtisas təhsil müəssisəsində 59,1 min, 42 ali məktəbdə isə 115,7 min tələbə təhsil alır. Məktəbəqədər təhsil, orta təhsil, məktəbdənkənar təhsil, ali təhsil, əlavə təhsil sahələri olan pilləli təhsil sistemində təxminən 5000 təhsil müəssisəsində 2 milyona yaxın şagird və tələbənin təhsilinin təşkili və idarə edilməsi ayrı-ayrılıqda xüsusi peşəkarlıq və idarəetmə üsulları tələb edir. Əlbəttə, bu baxımdan belə məsul sahənin bir mərkəzdən idarə olunması çətindir. Xatırlayırsınızsa, əvvəllər təhsil sahəsində idarəetmə səlahiyyətlərinin mərkəzdə – Moskvada cəmləşməsinə baxmayaraq, indiki Təhsil Nazirliyinin apardığı işi bir neçə struktur, o cümlədən Ali və Orta İxtisas Təhsil Nazirliyi, Maarif Nazirliyi, texniki peşə məktəblərinə rəhbərlik edən komitə yerinə yetirirdilər. Hesab eləyirəm ki, təhsilin xüsusi ilə orta məktəblərdə keyfiyyətini yüksəltmək və idarəetməni səmərəliləşdirmək üçün Nazirlər Kabineti orta məktəb təhsilinin təşkilini və idarə edilməsini ali təhsildən ayırmalı, yeni bir icra strukturu yaratmaq təşəbbüsü ilə çıxış etməlidir. Bu, təhsilin keyfiyyətinin yaxşılaşmasına böyük köməklik göstərər. Yekunda layihənin qəbul olunmasına səs verəcəyəm və deputat həmkarlarımı da onun lehinə səs verməyə çağırıram. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Azər Əmiraslanov, buyurun.
A. Əmiraslanov. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri və hökumət üzvləri! 2008-ci ilin dövlət büdcəsinin parametrlərindən göründüyü kimi, dövlətimizin maliyyə dayaqlarının möhkəmlənməsi seçilmiş olan uğurlu strateji iqtisadi kursun və dinamik iqtisadi inkişafın, ölkəyə uğurlu siyasi rəhbərliyin həyata keçirilməsinin nəticəsidir. Ümumiyyətlə, 2008-ci ilin büdcə zərfində büdcənin tərtibi texnologiyası və metodologiyasının təkmilləşdirilməsi təqdir edilməlidir. 1500 səhifəlik geniş maliyyə sənədi olan büdcə zərfi yüksək informativ imkanlara və yüksək informativlik dərəcəsinə malikdir. Belə ki, zərfə daxil olan materiallar dövlətin maliyyə imkanları barədə ətraflı məlumat almağa və onu geniş təhlil etməyə imkan verir.
Əvvəlki illərdən fərqli olaraq, növbəti ilin büdcə layihəsində artıq enerji sektorundan istifadə üçün qeyri-şəffaf xarakter daşıyan subsidiyaların verilməsi nəzərdə tutulmamışdır. Xatırlatmaq istərdim ki, həmin məbləğ 330 milyon manat təşkil edirdi ki, bu da 2008-ci ilin səhiyyə xərclərinin həcminə bərabərdir. Vahid xəzinə hesabının sərbəst qalığının idarəetməyə verilməsindən daxilolmalar büdcə layihəsində 10 milyon manat nəzərdə tutulmuşdur. Bu vəsait hesabına beynəlxalq təşkilatlara üzvlüklə bağlı bütün xərclərimizi tamamilə maliyyələşdirmək mümkündür.
2008-ci ilin büdcəsi makroiqtisadi meyarlar baxımından da bir sıra üstünlüklərə malikdir. Makroiqtisadi sabitliyin qorunub saxlanılması, xüsusi ilə inflyasiya təzyiqlərinin mümkün qədər azaldılması ilk dəfə büdcə siyasətinin əsas məqsədlərindən biri kimi elan edilmişdir. Bu məqsədlə xərclərin artımı 2006-cı ildə 88 faiz təşkil etmişdirsə də, 2007-ci ildə 66 faiz, 2008-ci ildə isə 35 faiz səviyyəsində proqnozlaşdırılır. Büdcə kəsirinin 544 milyon manatdan 1,1 milyard manata çatdırılması bəzi həmkarlarımız tərəfindən narahatlıqla qarşılanır. Əslində, buna heç bir əsas yoxdur. Birincisi, bu kəsir ümumi daxili məhsulun 3,6 faizini təşkil edir və bu da iqtisadiyyat üçün təhlükəli həddən 3 dəfə aşağı göstəricidir. İkincisi, bu kəsirin 350 milyon manatının dövlət istiqrazları hesabına örtülməsi nəzərdə tutulur. Bu isə dövlətin qiymətli kağızlar bazarının 3 dəfə böyüməsi və artan pul kütləsinin sterilizasiyası imkanlarının genişlənməsi deməkdir. Üçüncüsü, bu kəsir dövlətin öz öhdəliklərini yerinə yetirməsi üçün heç bir problem yaratmır. Belə bir problem büdcə kəsiri onun gəlirlərinin 50 faizindən, xərclərinin isə üçdə bir hissəsindən çox olduqda yaranır. Bizdə isə bu rəqəmlər müvafiq olaraq 15 və 13 faiz təşkil edir. Dördüncüsü, kəsirə səbəb olan artan büdcə xərclərinin investisiya təyinatlı olması nəzərdə tutulur.
Neftin qiymətinin 50 dollar həddində müəyyən edilməsi konyunktiv gəlirlərin tamamilə büdcədə deyil, əsasən, neft fondunda toplanmasına şərait yaradır. Bu isə büdcənin neftin qiymətindən, ümumiyyətlə, neft gəlirlərindən asılılığını azaltmağa xidmət edir. Büdcə təşkilatları üzrə əmək haqqının davamlı olaraq artması nəticəsində 2006-cı ildən etibarən büdcə sektoru üzrə əmək haqqının artım tempi ölkə üzrə orta aylıq əmək haqqının artım tempini üstələməyə başlamışdır. 2008-ci ildə bu rəqəm 32 faiz təşkil edəcək. Bu da proqnozlaşdırılan inflyasiya səviyyəsindən 2 dəfə çoxdur.
Büdcə ilə bağlı səslənən fikirlərdən biri də büdcənin, əsasən, neft gəlirləri hesabına formalaşması ilə bağlıdır. Büdcənin mədaxilində neft gəlirləri 2006-cı ildə 58 faiz təşkil edirdisə, 2007-ci ildə 56 faizə, 2008-ci ildə 52 faizə enəcəyi gözlənilir. Əslində, neft bumu dövründə bu o qədər də pis göstərici deyil. Müqayisə üçün qeyd edək ki, Rusiyada 2007-ci il üçün dövlət büdcəsinin 52,2 faizi neft və qaz sektorunun gəlirləri hesabına formalaşıb. Onu da əlavə etmək istərdim ki, 2008-ci ildə qeyri-neft sektoru üzrə vergi yığımının da 43 faiz artırılması nəzərdə tutulur. Bu da neft sektoru üzrə vergi yığımının səviyyəsindən dəfələrlə artıq olan bir rəqəmdir.
Burada Prezidentin Ehtiyat Fondunun artırılması ilə bağlı narahatlıq ifadə olundu. Bəli, 2008-ci ilin proqnozuna əsasən Prezidentin Ehtiyat Fondu 35 faiz artırılaraq 117 milyon manatdan 154 milyon manata çatdırılacaq. Biz hesab edirik ki, bu tendensiya bizim həmkarlarımızı narahat etməməlidir. Nəyə görə? Birincisi, ona görə ki, bu artım büdcə xərclərinin artım tempi həddindədir. Yəni büdcə xərclərimiz 35 faiz artıbsa, həmin həddə də Ehtiyat Fondumuz artırılır. İkincisi, Ehtiyat Fondu artsa da, onun büdcə xərclərindəki payı dəyişməz olaraq qalır. Yəni 2007-ci ildə də bu, 1,8 faiz həddində idi, 2008-ci ildə də həmin həddə proqnozlaşdırılır. Üçüncüsü, qanunvericiliyə görə Prezidentin Ehtiyat Fondu büdcə xərclərinin 2 faizi həddində formalaşdırıla bilər. Bu fond yol verilən limitdən də aşağıdır. Qanunvericiliyə görə Prezidentin Ehtiyat Fondu Prezidentin təşviqatı və təbliğatı tədbirlərinin maliyyələşdirilməsinə xərclənə bilməz.
2007-ci ildə Prezidentin Ehtiyat Fondunun hansı istiqamətlərə xərcləndiyini xatırlatmaq istərdim. Cənab Prezident bu fondun vəsaitlərini müharibə veteranlarının birdəfəlik müavinətlərinin artırılmasına, tibbi yardım xidmətinin maddi-texniki təchizatının yaxşılaşdırılmasına, Kür-Araz çayının təmizlənməsinə, Xanlarda torpaq sürüşməsinin vurduğu ziyanın kompensasiyasına yönəltmişdi. Bu istiqamətlərin hansına etiraz olunur? Yəni bu bizə çox maraqlıdır. Eyni ilə bu fikirləri biz dövlət büdcəsinin özünün ehtiyat fondu ilə bağlı qeyd etmək istərdik. Sözsüz ki, büdcə proqnozunda regionların inkişafı da özünü göstərməkdədir. Ölkə başçısı tərəfindən regional inkişaf proqramının uğurla həyata keçirilməsi öz nəticəsini verir. Artıq bu gün regionlarda iqtisadi canlanma hiss olunur. Həmin iqtisadi inkişaf büdcədə də əks olunmuşdur. Azərbaycanın regionlarında, rayonlarında vergi yığımının artım tempi ölkə üzrə büdcə gəlirlərinin artım tempini dəfələrlə üstələməkdədir. Yəni elə rayonlarımız var ki, orada vergi yığımı 60–65 faiz həddində proqnozlaşdırılıb.
Büdcə gəlirlərinin real artımı ilə bağlı məsələyə də münasibət bildirmək istərdim. Real iqtisadi artım anlayışı, yəni gəlirlərin real artımı anlayışı iqtisadi nəzəriyyəyə, iqtisad elminə məlumdur. Amma büdcə gəlirlərinin real artımı artıq yeni bir yanaşmadır. Biz onu da nəzərə almalıyıq ki, bəzi proqnozlara görə inflyasiyanın səviyyəsi 22 faiz planlaşdırılıb. Belə olan halda biz büdcə gəlirlərinin 28 faizlik artım tempindən 22 faizi çıxmalıyıq və deməliyik ki, büdcə gəlirləri 6 faiz artıb. Biz hesab edirik ki, bu, rəqəmlərlə oynamaqdan başqa bir şey deyil. 2008-ci ildən Dövlət Neft Fondundan dövlət büdcəsinə transferlər ötən ilki 585 milyon manatdan çoxdur. Bu tendensiyanı bəzi həmkarlarımız az qala faciə kimi təqdim edirlər. Bu cür yanaşmanı yanlış hesab etməklə bərabər, Dövlət Neft Fondundan büdcəyə transferlərin artmasını şərtləndirən bir neçə amili qeyd etmək istərdim. Birincisi, 2008-ci ildən etibarən neft gəlirləri üzrə büdcəyə ödənişlərin azalması və Dövlət Neft Fonduna daxilolmaların isə əhəmiyyətli dərəcədə artması amilidir. Təkcə 2008-ci ildə mənfəət neftinin satışı hesabına Dövlət Neft Fonduna daxilolmalar 4,3 milyard dollar təşkil edəcək. Belə bir halda həmin vəsaitlərin bir hissəsinin büdcə vasitəsi ilə yenidən bölgüsü zərurətə çevrilir.
İkincisi, büdcə transferləri olmasa, büdcənin kəsiri də arta bilər. Bizim üçün maraqlıdır, transferlərin əleyhinə olanlar büdcə kəsirinin 2 dəfə artırılmasınımı təklif edirlər? Üçüncüsü, Dövlət Neft Fondu ilə büdcə arasında belə bir əlaqə neft gəlirlərindən büdcə məqsədləri üçün daha səmərəli və sistemli istifadə olunmasına şərait yaradır. Transferlərin isə, məlum olduğu kimi, investisiya məqsədlərinə yönəldilməsi nəzərdə tutulur.
Makroiqtisadi sabitliyi qorumaq və inflyasiya təzyiqinin qarşısını almaq üçün biz də neft gəlirlərinin ehtiyatla xərclənməsini vacib hesab edirik. Lakin bu heç də o demək deyildir ki, ayrı-ayrı ölkələrin modelini eyni ilə ölkəmizdə tətbiq edək. Məsələn, belə bir fikir də səslənir ki, bizdə Norveçdə olduğu kimi, Dövlət Neft Fondunun vəsaitlərindən deyil, həmin vəsaitin idarə edilməsindən əldə olunan gəlirlərdən istifadə edək. Əgər müqayisə etsək, görərik ki, bu, 2008-ci ildə 8,5 milyon əhalisi olan və infrastrukturunu bərpa etmək üçün 25-30 milyard dollar investisiya ehtiyacı olan ölkəmiz üçün 151 milyon dollar, amma 4,6 milyon əhalisi olan və sosial-iqtisadi infrastruktur problemlərini tamamilə həll etmiş Norveç üçün isə 10-12 milyard dollar vəsait deməkdir. Məncə, əlavə şərhə ehtiyac yoxdur. Biz də bu büdcəni uğurlu sayır, dövlətin iqtisadi qüdrətini özündə əks etdirən büdcə hesab edirik. Həmkarlarımızı büdcəmizə səs verməyə çağırıram. Sağ olun.
Sədrlik edən. Sağ olun. Vahid Əhmədov, buyurun.
V. Əhmədov. Çox sağ olun. Hörmətli Sədr, hörmətli hökumət üzvləri, hörmətli millət vəkilləri, hörmətli mətbuat nümayəndələri! Son dörd ildə ümumi daxili məhsulun hər il 25–35 faiz arasında, 2008-ci ildə 18 faizə yaxın artmasını Azərbaycanda gedən iqtisadi islahatların, ümumiyyətlə, inkişafın əsas amillərindən biri kimi nəzərə almaq lazımdır. Rayonlara verilən subsidiyaların 2007-ci ilə nisbətən 2008-ci ildə 1 milyard manat artması Azərbaycan iqtisadiyyatında gedən müsbət amillərdən biridir. Demək olar ki, bunu büdcənin müsbət təsiri kimi qeyd etmək lazımdır.
Biz 2007-ci ilin büdcəsini müzakirə edəndə 14 təklif vermişdik və həmin təkliflərə İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi və digər nazirliklər tərəfindən baxılmış və həmin təkliflərin əksəriyyəti bu ilin büdcə layihəsində nəzərə alınmışdır. Ona görə də mən həmin nazirliklərin rəhbərliklərinə dərin minnətdarlığımı bildirirəm.
Yadınıza gəlirsə, elmin inkişafına 2007-ci ilin büdcəsini müzakirə edəndə cəmi 5 milyon manat ayrılmışdı. 2008-ci ilin büdcəsində bu rəqəm artıq 64 milyona çatdırılmışdır. Həmçinin elmin inkişaf fondunun yaradılması nəzərdə tutulmuşdur. Bununla bərabər, fundamental elmin inkişafı üçün Milli Elmlər Akademiyasında böyük struktur dəyişikliklərinə ehtiyac vardır. Hazır layihələrin Milli Elmlər Akademiyasında olmaması Maliyyə Nazirliyində bu hissəyə vəsaitin ayrılmasında müəyyən çətinliklər yaradır. Ümumiyyətlə, 2008-ci ilin büdcəsinin 32 faizi sosial yönümlü, 34 faizi investisiya yönümlü olduğu üçün büdcəni inkişaf büdcəsi kimi qeyd etmək istəyirəm. Amma bununla bərabər, bir sıra məqamlara öz münasibətimi bildirmək istəyirəm.
Birincisi, burada büdcənin neftdən asılılığı ilə bağlı həm 2007-ci ildə, həm də bu il ciddi söhbətlər gedir. Əlbəttə, bu, ciddi məsələdir və bunu qulaqardına vurmaq olmaz. Burada qeyd edirlər ki, 2004-cü ilin büdcəsinin neftdən asılılığı 34 faiz idi. Bu il rəqəm 52 faizdir. Amma köməkçilərlə bir yerdə 60 faizə yaxındır. Əlbəttə, bu, böyük rəqəmdir və bu rəqəmi 2011-ci ildə 40 faizə çatdırmaq nəzərdə tutulur. Mən hesab edirəm ki, Azərbaycanın qeyri-neft sektorunun inkişafı üçün çox az vaxt var. Yəni 2011-ci ildən artıq neftin enmə prosesi gedəcək və nəzərə almaq lazımdır ki, Azərbaycan artıq qaz ixracına başlayıb. Yəni 2008-ci ildə 5 milyard kubmetr qaz idxal olunacaq. Bununla əlaqədar Azərbaycanın maliyyə bazarına əlavə vəsaitlər daxil olacaq və bu qədər vəsaiti Azərbaycanın daxili bazarında tənzimləmək olduqca çətindir.
Açığını deyim ki, Milli Bankın sədri burada çıxış etdi. Doğrudan da, manatın məzənnəsinin 2,6 faiz səviyyəsində möhkəmləndirilməsi, saxlanması Milli Bank tərəfindən fədakarlıqdır. Çünki belə bir pul kütləsini Azərbaycanın daxilində tənzimləmək olduqca çətindir. Əlbəttə, burada digər səbəblər də var. Bunlara toxunmaq istəmirəm. Hətta idxal, ixrac əməliyyatlarına da baxsaq, görərik ki, ixracın 90 faizini neft məhsulları təşkil edir. Misal üçün, 2008-ci ildə 21 milyard manat ixrac vardırsa, onun 20 milyard manatı neft məhsulları, yalnız 1 milyard manatı başqa məhsullardır. Bu proses 2011-ci ilə qədər davam edəcək. Ona görə də bu məsələ ciddidir. Azərbaycan hökuməti yaxın illər ərzində qeyri-neft sektorunun inkişafına diqqəti artırmalıdır.
İkinci ən ciddi məsələ Azərbaycanda gedən inflyasiya prosesi ilə əlaqədardır. Bu çox ciddi məsələdir. Keçən il burada büdcəni müzakirə edəndə biz dedik ki, inflyasiya ikirəqəmli olacaq, heç kim inanmırdı. Bu il də biz deyirik ki, 2008-ci ildə inflyasiya ikirəqəmli olacaq. Hökumət, faktiki olaraq, 12 faiz göstərir, amma biz ondan artıq gözləyirik. Mən komissiyanın iclasında dedim ki, inflyasiyanın hesablanmasının bir neçə üsulu var. Amerika kimi dövlətdə 316-320 məhsul götürməklə hesablayırlar. Bizdə inflyasiya 560 məhsul götürməklə hesablanır. Hansı Azərbaycan ailəsi ayda 560 məhsuldan istifadə edir? Bu, qeyri-adi haldır, çox dərin məsələdir. Buna o qədər də toxunmaq istəmirəm. Amma faktiki inflyasiya gedir. Bizim pensiya, əmək haqqı, aldığımız 5-10 manat pul inflyasiya tərəfindən, faktiki olaraq, yeyilir. Ona görə də Azərbaycanda inflyasiyanın qarşısını almaq, mən deyərdim ki, Azərbaycan hökumətinin ən ciddi problemlərindən biridir.
Burada qeyd olunduğu kimi, inflyasiyanı törədən həm xarici, həm də daxili amillər var. Xarici amillər aydındır, neftin qiyməti ilə bağlıdır. Azərbaycana külli miqdarda dollar daxil olur və sair. Bəs daxili amilləri aradan qaldırmağa nə mane olur? Azərbaycanda niyə inhisarçılığın qarşısı alınmır? Azərbaycan hökumətinin üzvləri burada əyləşiblər. Onlar bilmirlər ki, inhisarçılar kimlərdir? Azərbaycanda inhisarçıların adları da, onların himayə etdikləri məhsulların adları da məlumdur. Onların nə qədər gəlir götürdükləri də məlumdur. Azərbaycan hökumətinin rəhbərləri bu inhisarçılıqdan əl çəkmək istəmirlər və başa düşmürlər ki, Azərbaycanda gündəlik inflyasiya gedir. Başa düşmürlər ki, qiymətləri başqa cür aşağı salmaq mümkün deyil.
Gec-tez bu inhisarçılıqdan əl çəkmək lazımdır. Başa düşmək lazımdır ki, əgər pensiyanı, minimum əmək haqqını 5-10 manat artırırıqsa, bu, insanlara heç nə vermir. Mən rəsmi statistikanı deyirəm. Keçən il bu vaxt bazarda unun qiyməti 12 manat idi, ən yaxşısı 13 manat idi. Bu il unun qiyməti həmin bazarda 24 manatdır. Hansı 15 faiz inflyasiyadan söhbət gedir? Digər məhsulların da qiymətlərinə baxaq. Bu çox ciddi məsələdir. Azərbaycan Prezidenti özü bundan narahatdır və doqquz ayın yekunları ilə əlaqədar iclasda xüsusi qeyd etdi ki, Azərbaycanda inhisarçılığı aradan qaldırmaq lazımdır. Biz isə bunun əksini görürük. Çoxlu sayda sahibkar bizə müraciət edir, amma Azərbaycanda inhisarçılığın qarşısı alınmır. Mən sizi inandırıram, bunun qarşısı alınsa, qiymətlər ən azı iki dəfə aşağı düşəcək. Heç bir xarici amil Azərbaycana təsir edə bilməz. Ona görə də artıq dərəcədə xahiş edirəm ki, Azərbaycan hökuməti inhisarçılıqla əlaqədar ciddi irəliləyişə nail olsun. Elə eləməsinlər ki, biz həmin şəxslərin adlarını birbaşa bu kürsüdən açıqlayaq və onların himayə etdikləri sahibkarların və qeyrilərinin adlarını buradan deyək. Artıq bunun vaxtı çatıb.
Bazarlara girmək mümkün deyil. İstər ərzaq, istərsə də qeyri-ərzaq məhsullarının qiymətləri yüksəkdir. Azərbaycanda Ukrayna armaturunun qiyməti gəlib 1000 dollara çıxıb. Gedin, baxın, görək, Ukraynada onun qiyməti neçəyədir? Artım olar, qoy dövlət vergi alsın, rüsum alsın. Yoxsa hər ton armatura görə 200 dollar əlavə alınar? Bu heç yerdə görülməyib. Azərbaycan iqtisadiyyatını bu cür inkişaf etdirmək mümkün deyil. Bu cür məsələlər çoxdur.
Bir məsələyə də münasibətimi bildirmək istəyirəm. İnvestisiya xərcləri artır. Bir neçə dəfə məsələ qaldırmışam. Maliyyə nəzarətini artırmaq lazımdır. Bununla əlaqədar qanun qəbul edilməsini xahiş etmişik. Dedilər ki, qanuna beynəlxalq təşkilatlar tərəfindən baxılır. Bu günə qədər qanun layihəsini ala bilmirik. Oqtay müəllim, Sizdən də xahiş edirik, Maliyyə nəzarəti haqqında qanun layihəsi Milli Məclisə verilsin. Biz onun üzərində işləyək, heç olmasa, bu ilin axırına qədər də olmasa, gələn sessiyada bunu qəbul edək. Bu çox ciddi məsələdir. Milyardlarla investisiyadan söhbət gedir. Çox sağ olun, minnətdaram.
Sədrlik edən. Sağ olun. Eldar İbrahimov, buyurun.
E. İbrahimov. Hörmətli Sədr, hörmətli deputatlar, hörmətli hökumət üzvləri! Müzakirəmizə təqdim edilən büdcə layihəsi ali iqtisadi sənəd olmaqla yanaşı, iqtisadiyyatımızın güzgüsüdür. Bu barədə hörmətli həmkarım Ziyad Səmədzadə, maliyyə naziri Samir Şərifov, iqtisadi inkişaf naziri Heydər Babayev və əlaqədar təşkilatların hörmətli rəhbərləri geniş məlumat verdilər.
Hörmətli həmkarlarım, respublikamızın 2008-ci il dövlət büdcəsinin gəlirləri 7 milyard 382,6 milyon manat təşkil edəcəkdir ki, həmin gəlirlərin toplanması hər il olduğu kimi bu il də, əsasən, Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsinin üzərinə düşür. Belə ki, 2008-ci ildə Vergilər Nazirliyi üzrə 5 milyard manat və ya 2007-ci ilə nisbətən 17,9 faiz çox, Dövlət Gömrük Komitəsi üzrə 1 milyard 600 milyon manat və ya 2007-ci ilə nisbətən 42,9 faiz çox daxilolmalar nəzərdə tutulur. Yəni Vergilər Nazirliyi tərəfindən təmin ediləcək gəlirlərin dövlət büdcəsinin gəlirlərində xüsusi çəkisi 67,6 faiz, Dövlət Gömrük Komitəsinin xüsusi çəkisi isə 14,9 faiz təşkil edəcəkdir. 2008-ci ildə həmin orqanların əməkdaşlarının öz üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə gələcəklərinə inanıram.
Azərbaycan Respublikasının 2008-ci ildə dövlət büdcəsinin xərcləri də 8 milyard 509 milyon manat, yaxud 2007-ci ilə nisbətən 23,2 milyard manat və ya 34,7 faiz çox nəzərdə tutulmuşdur. Rəqəmlərdən göründüyü kimi, əgər biz bir vaxt milyon dollar haqqında fikirləşirdiksə, indi bir ildə 2,2 milyard manatın artımı, təbii ki, hərtərəfli düşünülərək hazırlanmış və möhtərəm Prezidentimiz tərəfindən uğurla həyata keçirilən böyük strategiya sayəsində mümkün olmuşdur.
Azərbaycan Respublikasının iqtisadiyyatında qeyri-neft sektorunun prioritet sahəsi ənənəvi olaraq özünəməxsusluğu ilə seçilən kənd təsərrüfatı sahəsi hesab olunur. Mən kənd təsərrüfatı ilə əlaqədar çıxış eləyən hörmətli həmkarlarıma və bundan sonra çıxış edənlərə görülən işlər barədə qısaca məlumat vermək istərdim. 2008-ci ilin dövlət büdcəsində kənd təsərrüfatına, o cümlədən meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi bölməsinə 267,2 milyon manat, yəni 2007-ci ilə nisbətən 9,4 milyon manat və ya 3,6 faiz çox vəsait ayrılmışdır. Bu vəsaitdən kənd təsərrüfatına 250,1 milyon manat ayrılması nəzərdə tutulmuşdur ki, bu da 2007-ci ilə nisbətən 7,7 milyon manat çoxdur. Hesab edirəm ki, bu vəsait bir qədər artırılsa, daha yaxşı olardı. Ayrılmış bu vəsaitin 92,3 milyon manatı müxtəlif kənd təsərrüfatı tədbirlərinin həyata keçirilməsinə, bir milyon manatı kənd təsərrüfatı məhsullarının qiymətlərinin sabitləşdirilməsinə sərf olunacaq. 146,8 milyon manatı meliorasiyaya, o cümlədən Vəlvələçay taxta körpü kanalının tikintisinə, “İkinci irriqasiya” layihəsinə, “Sorma-paylayıcı və idarəolunmanın təkmilləşdirilməsi və çaylarda selə qarşı tədbirlər haqqında” layihələrin reallaşmasına, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı” Dövlət Proqramında nəzərdə tutulan Tovuz su anbarının tikintisinin davam etdirilməsinə, Kürdəmir, Beyləqan, Ucar, İsmayıllı, Biləsuvar, İmişli, Goranboy, Lənkəran və digər rayonlarda torpaqların meliorasiya vəziyyətinin yaxşılaşdırılmasına, Astara, Qəbələ, Saatlı və digər rayonlarda qrunt sularının səviyyəsinin aşağı salınmasına və digər meliorasiya və irriqasiya tədbirlərinin həyata keçirilməsinə, 11 milyard manatı isə baytarlığa yönəldiləcəkdir.
Meliorasiya və irriqasiya tədbirlərinə büdcədən ayrılan vəsaitin 2007-ci ilə nisbətən 10 milyon manat və ya 7 faiz artırılması respublikamızda əkin torpaqlarının meliorasiya cəhətdən yaxşılaşdırılaraq münbitliyinin yüksəlməsinə, mövcud əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına, suvarılan torpaqların sahəsinin genişləndirilməsinə və keyfiyyətini itirərək istifadəsiz qalan torpaqların əkin dövriyyəsinə daxil edilməsinə səbəb olacaqdır. Bu investisiya proqramı kənd təsərrüfatı məhsullarının istehsalının artımını təmin edəcək, kənd təsərrüfatının inkişafına təkan verəcəkdir. Ona görə də bu sahəyə dövlət büdcəsindən ayrılan vəsaitin hər il artırılmasını təqdirəlayiq hal sayıram və hesab edirəm ki, bu işlər yaxın vaxtlarda öz bəhrəsini verəcəkdir.
Gələn ilin büdcəsində dövlət investisiya xərcləri üçün nəzərdə tutulmuş xərclər hesabına kənd təsərrüfatı sahəsində maliyyələşdiriləcək konkret layihələrə də vəsait ayrılması nəzərdə tutulur. Bu məqsədlə dövlət büdcəsindən 20,2 milyon manat, xarici maliyyə mənbələri nəzərə alınmaqla isə 26,2 milyon manat xərclənməsi nəzərdə tutulur. Bu layihələr sırasında Kənd Təsərrüfatı Nazirliyinin Əzizbəyov adına Təcrübə sınaq zavodunda xarici texnikanı təmir edən sexin əsaslı təmiri və yenidən qurulması layihəsi vardır. Bu da son illər ölkəmizə gətirilən xarici texnikadan səmərəli istifadəni təmin edəcəkdir.
Onu da bildirmək istəyirəm ki, kənd təsərrüfatının inkişafı üçün büdcə vəsaiti yalnız kənd təsərrüfatı bölməsi üzrə deyil, həm də digər tədbirlər vasitəsi ilə həyata keçirilir. Belə ki, 2004-cü ildə yaradılmış “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə 2005-2007-ci illərdə 25 milyon manat dövlət vəsaiti ayrılmış, 2008-ci ildə isə 40 milyon manat büdcə vəsaitinin ayrılması nəzərdə tutulmuşdur. Kənd təsərrüfatının müxtəlif mənbələri hesabına ayrılan dövlət vəsaiti getdikcə artır. Belə ki, 1995-2002-ci illərdə kənd təsərrüfatında əsas kapitala yönəldilmiş investisiyalar cəmi 68,2 milyon manat olmuşdursa, 2002-2006-cı illərdə bu rəqəm 171 milyon manat təşkil edərək 2,5 dəfə artmışdır. Bu ilin altı ayında isə kənd təsərrüfatına bu məqsədlə 66,3 milyon manat və ya keçən ilə nisbətən 13, 7 faiz çox vəsait yönəldilmişdir.
Bununla belə, hesab edirik ki, büdcə layihəsində iqtisadiyyatın kənd təsərrüfatının köməkçi bölməsi üzrə 2008-2011-ci illər üzrə nəzərdə tutulan inkişaf konsepsiyasını və proqnoz göstəricilərini yerinə yetirmək, ölkə əhalisinin daxili istehsal hesabına ərzaq təhlükəsizliyinin təmin edilməsində dönüş yaratmaq üçün gələcəkdə kənd təsərrüfatına ayrılan investisiyaların əhəmiyyətli dərəcədə artırılması lazımdır.
Azərbaycan adambaşına düşən əkin yerinə görə dünyada aztorpaqlı ölkələr sırasındadır. Ona görə də heyvandarlığın və bitkiçiliyin inkişafı əkin yerlərinin genişləndirilməsi və heyvanların sayının artımı hesabına deyil, məhsuldarlığın yüksəldilməsi hesabına həyata keçirilməlidir. Hesab edirəm ki, bu məqsədlə “Aqrolizinq” üçün nəzərdə tutulan 40 milyon manat büdcə vəsaiti bir qədər artırılmalı və onun müəyyən hissəsi xarici ölkələrdən məhsuldar damazlıq heyvanlar və bitki toxumlarının alınmasına sərf edilməlidir.
Bundan başqa, təklif edirəm ki, büdcədə kənd təsərrüfatının idarə edilməsinin təkmilləşdirilməsi, kənd təsərrüfatı məhsulları və ərzaq malları istehsalçılarının istehsal-emal-bazar inteqrasiyasının inkişaf etdirilməsi proqramının hazırlanması və icrasının stimullaşdırılmasına vəsait ayrılsın. Kənd təsərrüfatı istehsalının idarə edilməsinin təkmilləşdirilməsi ilə əlaqədar bildirmək istəyirəm ki, bir çox ölkələrdə qapalı təşkilatların kənd təsərrüfatı məhsullarına olan tələbatı dövlətin sifarişi əsasında yerli kənd təsərrüfatı istehsalçıları ilə bağlanan müqavilələr əsasında həyata keçirilir.
Digər təklifimiz isə ondan ibarətdir ki, büdcədə aqrar elmin inkişafına, kadr hazırlığının təkmilləşdirilməsi proqramının hazırlanmasına və yerinə yetirilməsinə daha çox vəsaitin ayrılması nəzərdə tutulsun. Eyni zamanda, bildirmək istəyirəm ki, Azərbaycan Respublikası ilə bir çox xarici ölkələr arasında dostluq cəmiyyətləri fəaliyyət göstərirlər. Bu cəmiyyətlərin fəaliyyətini genişləndirmək üçün büdcədə müəyyən qədər vəsait ayrılması məqsədəuyğun olardı. Mən belə bir cəmiyyətin sədriyəm, biz maliyyə vəsaitlərində çox əziyyət çəkirik.
Mən fürsətdən istifadə edərək, aqrar sahəyə daim diqqət və qayğısına görə, həmçinin blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasına bu ilə nisbətən 2008-ci ildə 26,8 faiz çox büdcə vəsaitinin ayrılmasına, muxtar respublikada aparılan quruculuq, abadlıq işlərinə, yeni müəssisə və iş yerlərinin açılmasına, sosial-iqtisadi həyatda gerçəkləşdirilən digər tədbirlərə görə ölkə Prezidenti cənab İlham Əliyevə, Naxçıvandan seçilən bir deputat kimi, dərin minnətdarlığımı bildirirəm.
Ölkəmizdə günü-gündən inkişaf edən iqtisadiyyatımızı gözü götürməyən müxalifət nümayəndələrinə arzu edərdim ki, onların gözləri hər şeyə ədalətlə baxsın. Büdcədən təkcə neft iyi gəlmir. Onlar sahələrə çıxıb bu gün aqrar sahəyə qoyulan investisiyanı nəzərə alsalar, torpaq üzərində yetişən bitkiləri, onun üzərində olan bütün məhsulları nəzərdən keçirib iyləsələr, onda deyərlər ki, büdcədən təkcə neft iyi gəlmir. Bildiyiniz kimi, 2008-ci ilin büdcəsi sosialyönümlü və iqtisadiyyatımızı stimullaşdıran, dayanıqlı inkişaf yaradan bir sənəddir. Mən bu layihənin qəbul edilməsinə səs verəcəyəm və hörmətli həmkarlarımı da buna səsləyirəm.
Sədrlik edən. Çox sağ olun. Fasilə elan edilir.


(FASİLƏDƏN  SONRA)

Sədrlik edən. Müzakirələrə davam edirik. Nizami İsgəndərov, buyurun.
N. İsgəndərov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri və qonaqlar! Mən deputat həmkarlarımın fikirləri ilə razılaşaraq 2008-ci il üçün nəzərdə tutulan dövlət büdcəsini təqdir edir və alqışlayıram. Əgər dövlətin büdcəsi artırılırsa, 2008-ci ilə yeni layihələrlə gediriksə, deməli, ölkədə inkişaf var. Azərbaycanda dövlət quruculuğu inkişaf etdikcə, xalqımızın güzəranı, sözün həqiqi mənasında, yaxşılığa doğru dəyişir.
Bəllidir ki, ölkədə aparılan iqtisadi-siyasi islahatların təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub. Hazırkı dövrdə isə bizim hamımızın birmənalı olaraq dəstəklədiyimiz, dövlətimizi dünyanın siyasət arenasında söz sahibinə çevirən cənab İlham Əliyevin nəzarəti altında mükəmməl formada həyata keçirilir.
Respublikada həyata keçirilən çoxsahəli proqramlar Azərbaycan vətəndaşlarının yeni iş yerləri ilə təmin olunmasına gətirib çıxarır. Beləliklə, xalqın sosial rifah halının yaxşılaşmasına dair xidmət mexanizmi işə düşür. Yoxsulluq həddi son dörd ildə 49 faizdən 20 faizə endirilib. Əlbəttə, bu uğurlu iqtisadi siyasətin hamısı neftdən gələn gəlirin hesabına əldə olunmur. Eyni zamanda, qeyri-neft sektorundan gələn gəlirlərin də rolu artmaqdadır. Bu artım və canlanma gündən-günə respublikanın hər yerində, o cümlədən təkcə paytaxtda deyil, mənim də deputat seçildiyim Sumqayıt da daxil olmaqla, regionların hamısında özünü göstərir.
Respublikada məktəblərin, xəstəxanaların, yeni iş yerlərinin açılması, şəhər və kənd küçələrinin asfaltlanması və işıqlandırılması, eyni zamanda, digər uğurların qazanılması, təbii ki, iqtisadi qüdrəti olan ölkələrdə həyata keçirilə bilər. Şərt o deyil ki, təbii sərvətlərlə zəngin anbarın olsun. Əsas odur ki, səmərəli istifadə mexanizmi olsun. Azərbaycanda səmərəli istifadə mexanizmi siyasi-iqtisadi qanunların fəaliyyəti əsasında baş verir və inkişaf edir.
Ölkəmizdə inkişaf artdıqca insanların intellektinə də təsir edir. Artıq vətəndaşlarımız obyektiv iqtisadi qanunları dərk edirlər. Bu isə hökumət tərəfindən bütün cəmiyyətin mənafeyinə olan xidmətin göstəricisidir. Dönərlilik prinsipini qarşısına məqsəd qoyan Azərbaycan dövləti iqtisadi gəlirlərin hesabına investisiya qoyan dövlətlərdən birinə çevrilib. Qanunlarla tənzimlənən iqtisadiyyatımız dünya dövlətləri ilə əlaqələrimizin genişlənməsi üçün zəmin yaradır. Ölkəmiz qarşısına qoyduğu məqsədə çatmaq üçün beynəlxalq konvensiyalara qoşulduğu dövlətlərlə sıx əməkdaşlığı genişləndirir. Bir sözlə, qazanılan uğurların hesabına dövlətimiz beynəlxalq arenada öz liderlik yerini gücləndirir.
Ölkəmizin qazandığı nailiyyətlər və uğurlar bir çox nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapıb. Əlbəttə, belə uğura çatmaq üçün iqtisadi sabitlik vacibdir. Bugünkü iqtisadi sabitlik isə cənab Prezidentimizin rəhbərliyi altında dövlət və millət adından qazanılan uğurdur. Bu isə o deməkdir ki, Azərbaycanda həyata keçirilən bütün iqtisadi, sosial proqramlar dövlət qanunları ilə qorunur. Yəni büdcə xərclərinə kifayət qədər ciddi yanaşılır.
Biz bugünkü məruzələrdə də büdcənin səmərəli xərclənməsinin şahidi olduq. Burada həmkarlarım tərəfindən Ehtiyat Fondu haqqında məsələ qaldırıldı. Mən bildirmək istəyirəm ki, Prezidentin Ehtiyat Fondu xalqa xidmət eləyir. Fövqəladə hallar üçün, qaçqınlarımızın rifah halının yüksəldilməsi üçün istifadə olunan fonddur. Bu fondun vəsaitinin azaldılmasını məqsədəuyğun saymıram və bunu məqsədəuyğun sayanlar xalqın problemlərini düşünməyənlərdir.
Sonda mən diqqəti deputatı olduğum şəhərin həlli vacib olan məsələlərinə yönəltmək istərdim. Bildirmək istəyirəm ki, uğurlarımızdan danışdığımız kimi, həlli vacib olan bəzi məsələlərə də toxunmaq lazımdır. İlk olaraq mən Sumqayıt Regionlararası Onkoloji Dispanserin üzləşdiyi problemə toxunmaq istərdim. Həqiqətən də, sözügedən xəstəxana təhlükə vəziyyətindədir, hər an uçma təhlükəsi var. Bəşəriyyət üçün ən ağır xəstəlik hesab olunan onkoloji xəstəliklərdən əziyyət çəkən insanlar sözügedən xəstəxanada müalicələrini qorxu altında alırlar. Eyni zamanda, haqqında danışdığımız xəstəxana təkcə Sumqayıtı deyil, həm də bir neçə regionu əhatə etdiyindən bu məsələ haqqında düşünməyə dəyər.
İkincisi, Sumqayıtın Corat qəsəbəsinin Bağlar massivində son zamanlar kütləvi halda insanların məskunlaşması və kanalizasiya sisteminin olmaması çirkab suların Xəzər dənizinə tökülməsi ilə nəticələnir. Belə olan halda isə Azərbaycanın flora və faunası bərbad vəziyyətə düşür. Həmin sahədə kanalizasiya xətti çəkilsə və təmizləyici qurğu qurularsa, bu problemin qarşısını almaq olar. Müvafiq nazirliklərdən tədbir görməsini xahiş edir, qaldırılan məsələnin tezliklə həll olunmasına ümid edirəm. Mən 2008-ci ilin büdcəsini dəstəkləyir və həmkarlarımdan bu qanun layihəsinə səs vermələrini xahiş edirəm.
Sədrlik edən. Sağ olun. Fuad Muradov, buyurun.
F. Muradov. Hörmətli Sədr, hörmətli millət vəkilləri və hökumət üzvləri! Azərbaycanın dövlət büdcəsinin artması ölkədə gedən islahatların nəticəsidir. Mən Azərbaycan gəncləri adından bu islahatlara görə öz təşəkkürümü bildirirəm. Son zamanlar Azərbaycan gənclərinin müxtəlif sahələrdə qazandığı uğurlar məhz bu islahatların və dövlət qayğısının nəticəsidir. Xüsusi vurğulamaq lazımdır ki, gənclərin xaricdə təhsil almaları ilə bağlı cənab Prezidentin fərmanı Azərbaycan gəncləri üçün yeni imkanlar yaradır. Onlar da öz növbəsində ölkənin intellektual potensialının yüksəlməsinə çalışacaqlar. Eyni zamanda, son zamanlar infrastrukturun inkişafına ayrılan maliyyənin əsas məqsədləri də ölkəyə yeni investisiyaların artmasına səbəb olacaq. Arzu edirəm ki, bu işləri hökumət davam etdirsin. Biz buna qayğını daha da artırmalıyıq. Bu da son nəticədə ölkənin rəqabət əmsalının yüksəlməsi deməkdir.
Bir neçə konkret təkliflərim də var. Vaxtınızı çox almaq istəmirəm, çünki artıq bu məsələlər bir neçə dəfə həmkarlarım tərəfindən qaldırılıb. Bildiyiniz kimi, gələn il cənab Prezident tərəfindən imzalanmış Dövlət Gənclər Proqramında nəzərdə tutulan bütün tədbirlərin yerinə yetirilməsi çox vacibdir. Bunları nəzərə alaraq xahiş edirəm ki, həmin proqramın icrasına yönəldilən maliyyəyə bir də baxılsın, müəyyən qədər tədbirlərin sayı çoxaldılsın. Həmin tədbirlərin sayının artırılması üçün, təbii ki, dövlət büdcəsindən dəstəyə böyük ehtiyac var.
Çox müsbət haldır ki, son zamanlar büdcə ilə bağlı müxtəlif məsələlər kütləvi informasiya vasitələrində işıqlandırılır və Maliyyə Nazirliyi tərəfindən ictimaiyyətə açıqlanır. İctimaiyyət də büdcə ilə əlaqədar fikrini bildirir. O baxımdan bunu müsbət hal kimi qeyd eləmək istəyirəm.
Eyni zamanda, bir neçə məsələ var ki, onları vurğulamaq istəyirəm. Səbail rayonunda bəzi problemlər məhz bizə müraciətdən sonra öz həllini tapıb. Məsələn, Səbail rayonunda 32-ci kanal adında açıq tipli kanalizasiya xətti mövcud idi. Bir neçə vaxt idi ki, bu məsələ müzakirə olunurdu, dəfələrlə hökumətə müraciət etdik, Baş nazirin qəbulunda da olduq. Çox müsbət haldır ki, Maliyyə Nazirliyinə müraciət olunandan sonra həmin məsələ öz müsbət həllini tapdı. Mən də öz növbəmdə Samir müəllimə və Maliyyə Nazirliyinə öz təşəkkürümü bildirmək istəyirəm.
Digər məsələ barədə burada deyildi, Xarici İşlər Nazirliyinin məvacibi ilə bağlı əlavə eləmək istərdim. Biz onların ezamiyyə xərclərinə də baxaq. Bütün dünyada, xüsusi ilə Avropa ölkələrində inflyasiya mövcuddur, ezamiyyə xərcləri köhnə formatla gedir. Biz özümüz də bu problemlə rastlaşırıq.
İpoteka ilə bağlı bir sualım da var. “İpoteka haqqında” Qanunun qəbul edilməsi gənclər tərəfindən müsbət qarşılanmışdı və gənclərimiz bunun üçün cənab Prezidentə təşəkkürlərini bildirirlər. Gələn ildən büdcədə bununla bağlı ayırmalar var, amma dövlət büdcəsindəki maliyyəni nəzərə alaraq biz bunu daha da genişləndirə bilərik.
Burada mədəniyyət obyektlərinin bərpası və təmiri məsələsinə toxunuldu. Bir tərəfdən deyirik ki, mədəniyyət obyektləri tarixi obyektlərdir və onların qorunmasına xərclənən məbləğ həm də tarixi obyektin saxlanmasına gedir. Bizim imkanlarımız var və ona görə də bunu daha mükəmməl şəkildə eləməliyik. Avropada bu proseslər gedir. Bütün tarixi abidələr, teatrlar, opera, balet müəssisələrində bu işlər gedir. Mən hesab edirəm ki, əgər imkanımız varsa, buna daha da diqqəti artırmalıyıq, çünki son nəticədə bizim gənclərimizin teatra, kinoya həvəsi artacaq. Bu da Azərbaycan gənclərinin düzgün ruhda inkişafına çox böyük töhfə olacaqdır.
İdmanla bağlı məsələlər burada vurğulandı. Müxtəlif beynəlxalq turnirlərin keçirilməsi çox müsbət haldır. Bu da Azərbaycan gənclərində idmana marağı artırır. Bu maraq olacaqsa, demək, sağlam həyat tərzinə maraq olacaq və son nəticədə Azərbaycan gəncləri düzgün yolu davam etdirəcəklər.
Xüsusi qeyd eləmək istəyirəm ki, cənab Prezident tərəfindən qoyulan məqsədlərdən biri də büdcənin şəffaf şəkildə xərclənməsidir. Burada həm hökumət, həm də Milli Məclis birgə fəaliyyət göstərə bilir. Burada qeyri-hökumət təşkilatları da aktivdir və bu məqsədə biz nail ola bilərik. Sonda büdcə üzərində işləyən insanlara təşəkkürümü bildirirəm və həmin büdcəni dəstəkləyəcəyimi bildirirəm.
Sədrlik edən. Çox sağ olun. İltizam Əkbərli.
İ. Əkbərli. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli deputatlar və hökumət nümayəndələri! Mən komissiyanın iclasında büdcə layihəsinə dair bir sıra suallarla hökumət nümayəndələrinə müraciət etmişdim. Yalnız bir suala – ipoteka üçün ayrılan vəsaitdən sosial ipotekaya ayrılan vəsaitin məbləği barədə verdiyim suala televiziya vasitəsi ilə cavab aldım. Qalan suallara cavab ala bilmədiyimdən həmin sualları bu gün bir daha hökumət nümayəndələrinə ünvanlayıram.
Hesablama Palatasının rəyində bir rəqəm diqqətimi çəkdi. Bu rəqəmdən məlum olur ki, 2006-cı ildə özəl sektorun büdcəyə ödədiyi vəsait cəmi 580 milyon manat, 2007-ci ilin altı ayında isə cəmi 386 milyon manat olmuşdur. Ölkədə heç bir vergi güzəştinin olmamasını, vergi dərəcələrinin kifayət qədər yüksək olmasını, eyni zamanda, açılan iş yerlərinin, yeni yaradılan müəssisələrin sayı haqqında statistik rəqəmləri nəzərə alsaq, Hesablama Palatasının qeyd etdiyi rəqəmlə bağlı haqlı bir sual ortaya çıxır. Əgər açılan bu qədər özəl müəssisənin müqabilində büdcəyə cəmi 580 milyon manat pul ödənilirsə, o halda qalan pullar haraya gedir? Bu suala cavab almaq istərdim.
İkinci sualım mənfəət vergisi ilə əlaqədardır. Bilmək istərdim ki, mənfəət vergisinin neçə faizi, əgər mümkündürsə, neçə manat Dövlət Neft Şirkətini və ABƏŞ-i çıxmaq şərti ilə yerdə qalan müəssisə və təşkilatların üzərinə düşür? Biz mütəxəssislərlə araşdırma aparmışıq və aydın olub ki, 2007-ci ildə ödənəcək 2 milyard 190 milyon manat mənfəət vergisinin 1,5 milyardı ABƏŞ-in, 600 milyonu Dövlət Neft Şirkətinin payına düşür. Qalan 90 milyard manat məbləğində vergini isə “Azərcell”, “Bakcell” kimi şirkətlər ödəyir. Belə çıxır ki, Azərbaycanda özəl sektor mənfəət vergisi ödəmir. İstərdim ki, buna da aydınlıq gətirilsin.
Məni maraqlandıran məsələlərdən biri ABƏŞ-in ödədiyi mənfəət vergisidir. Məlum olduğu kimi, gələn il ABƏŞ çərçivəsində neft hasilatı 10 min ton artacaqdır, qiymət də, təbii ki, yüksək qalacaqdır. Hökumət neftin qiymətini 70 dollar proqnozlaşdırır. ABƏŞ-in Dövlət Neft Şirkəti ilə birlikdə mənfəət vergisindən ödəmələri cəmi 3 faiz olacaqdır? Fikir verin, hasilat birdən-birə 30 faiz qalxır, xərclər ilbəil aşağı düşür, mənfəət vergisi isə dəyişməz qalır. Elə bilirəm ki, bu sualın da cavabı deputatlar üçün maraqlı olar.
Sonrakı sualım əlavə dəyər vergisi ilə əlaqədardır. Ölkə daxilində əlavə dəyər vergisi birdən-birə 50 faiz artır. Maraqlıdır, bu artım nəyin hesabına olur? Hökumət büdcə zərfində əlavə dəyər vergisinin hansı büdcədən tutulduğunu göstərməyib. Bu, dəqiq göstərilməli idi. Əgər söhbət mənzil sektorundan gedirsə, bilmək istərdim mənzil sektorunun vergiyə cəlb edilməsi hesabına əlavə dəyər vergisinin nə qədər artımını gözləyirsiniz? Müəssisələrin inkişafından, böyük dövriyyələrin artımından söhbət getsə idi, bu vəziyyət mənfəət vergisinin artımında da özünü göstərməli idi. Əgər mənfəət vergisi artmırsa, əlavə dəyər vergisi hansı hesaba artır? Əgər mənfəət vergisi artmırsa, əlavə dəyər vergisi tutulmayan vergini bərpa etmək hesabına cəlb edilirsə, o halda haqqında tez-tez danışılan inkişaf nəyin hesabına olur?
Layihədə cəmi 63 milyon manat sadələşdirilmiş vergi proqnozlaşdırılır. Daha doğrusu, builki 45 milyon manata qarşı, gələn il 63 milyon manat, yəni cəmi 18 milyon manat artıq proqnozlaşdırılır. Nəzərə alaq ki, ötən ildən avtonəqliyyat sektoru, bu ildən isə tikinti sektoru da buraya cəlb edilir, minlərlə iqtisadi subyekt sadələşdirilmiş vergi ödəyicisidir. 63 milyon manat reallığı əks etdirmir. Fikrimcə, bu rəqəmin təsdiq olunması sübut edir ki, ölkədə çox böyük məbləğdə pul vergidən yayınır.
Mən komissiyaların iclasında səsləndirdiyim təklifləri də nəzərinizə çatdırmaq istəyirəm. Həmişə tənqid edirdik ki, hökumət investisiya layihələrinin siyahısını təqdim etmir. Bu il ilk dəfədir ki, həmin siyahı verilib. Ancaq çox təəssüf ki, ayrılan məbləğ ümumi şəkildə göstərilir. Yazılır ki, infrastruktur layihələr 1 milyard 590 milyon manatdır. İnfrastruktur nəqliyyata, kommunal və sair hissələrə bölünür. Ancaq burada məbləğ ümumi şəkildə verilir. Məsələn, nəqliyyata 603 milyon manat vəsaitin ayrıldığı göstərilir. Ancaq nəqliyyatın içində olan 50-yə qədər layihənin ayrı-ayrı məbləğləri göstərilmir. Tutaq ki, Bakı dairəvi avtomobil yolu tikintisi layihəsində Azərbaycan tərəfinin, həmçinin qarşı tərəfin payı göstərilmirsə, o halda deputatlar bu layihənin ümumi dəyərini necə öyrənməlidirlər? Hansı əsasla nəticə çıxarmalıdırlar ki, Azərbaycan tərəfi bu layihəyə getməlidir, yoxsa yox? Məhz layihələrdə məbləğlərin göstərilməməsinin nəticəsidir ki, ölkədə bir kilometr yolun neçəyə başa gəldiyini hətta mütəxəssislər də hesablaya bilmirlər. Əgər bu məbləğlər göstərilmirsə, o halda layihələrin siyahısının burada verilməsinin nə əhəmiyyəti vardır? Hesab edirəm ki, layihədə bu məbləğlər dəqiq göstərilməlidir.
Mən də Dövlət Neft Fondu məsələsinə toxunmağı özümə borc bilirəm. Məlum olduğu kimi, hökumət Dövlət Neft Fondundan daxilolmaları birdən-birə iki dəfə artırıb. Yəni 585 milyon manatdan 1,1 milyard manata çatdırır. Ancaq başqa ölkələrdə tamamilə fərqli yanaşma vardır. Məsələn, Qazaxıstanda və Rusiyada ötən ildən başlayaraq neft fondları transferlərinin 3 illik proqnozlaşdırılması gedir. Azərbaycanda da bu praktika tətbiq edilməli, Dövlət Neft Fondundan daxilolmaların həddi məhdudlaşdırılmalıdır. Bu, beynəlxalq təşkilatların da tövsiyəsidir. Yəni bunun artıq gələcək nəsillərə fond kimi saxlanmasına ehtiyac vardır. Hesab edirəm ki, Azərbaycanda da bu məsələ normativ aktlarla və qanunla tənzimlənməlidir. Yaxşı olardı ki, layihədə infrastruktur xərclərinin strukturu açılsın. Biz demirik ki, detallaşdırılmış şəkildə olsun, heç olmasa, ümumi şəkildə infrastrukturun və əmək haqqı xərclərinin, nə qədər mal-material alınmasının proqnozlaşdırıldığı göstərilsin.
Məlumdur ki, 2007-ci ilin yanvarında enerjinin qiyməti artırıldı. Bu qiymətlər büdcənin mənafeyi naminə artırıldı ki, büdcədən dolayı subsidiyalar verilməsin, 330 milyon subsidiya kəsilsin. Əslində, hökumət 2007-ci ilin 9 ayında büdcənin icrası ilə bağlı məlumat verəndə bu qiymət artımının nəticəsi barədə də məlumat verməli idi. Məlumat verməli idi ki, enerjinin büdcə qarşısındakı öhdəlikləri nə yerdədir. Niyə burada göstərilmir ki, dövlət şirkətləri arasındakı qarşılıqlı borclar hansı vəziyyətdədir? Onların büdcə qarşısındakı öhdəlikləri necə dəyişir? Niyə göstərilmir ki, üç dəfə qiymət artımından sonra nə dəyişilir?
Növbəti təklifim ünvanlı sosial yardıma ayrılan vəsaitlə bağlıdır. Məlumdur ki, ünvanlı sosial yardımla bağlı xərclər 2007-ci ildə 65 milyon manat proqnozlaşdırılmışdı, 2008-ci ildə isə bu rəqəm 80 milyona çatdırılır. Bu ehtiyac meyarının həddi artırılır, o halda təsdiqləmək olar ki, artırılan 15 milyon manat həmin ehtiyac meyarının artırılmasına yönəldilir. Yəni, əslində, hökumət bunu artırmır, indeksləşdirir. Hesab edirəm ki, inflyasiyanın genişləndiyi, ehtiyac meyarının dəyərinin artdığı bir vaxtda, yoxsulluğun indiki vəziyyətində bu maddəyə daha çox vəsait ayrılmalıdır.
Ən nəhayət, müdafiə xərcləri ilə bağlı fikirlərimi bildirmək istəyirəm. Bu gün müdafiə xərcləri 1 milyard dolları keçir və faktik olaraq tam nəzarətsiz xərc maddəsinə çevrilmişdir. Bu xərclərə Hesablama Palatası da daxil olmaqla heç bir qurum nəzarət edə bilmir. Halbuki parlamentin birbaşa vəzifəsi büdcəyə nəzarət etməkdir. Mən əvvəllər də etdiyim təklifin üstündə dururam ki, parlamentdə müdafiə xərclərinə nəzarət edəcək parlament qurumunun yaradılmasına ehtiyac vardır. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Pənah Hüseyn.
P. Hüseyn. Çox sağ olun. Təşəkkür edirəm, hörmətli Sədr. Mən də müsavatçı deputatların qərarına əsasən, əgər ciddi dəyişikliklər edilməsə, bu büdcə layihəsinin və bütövlükdə büdcə zərfinin əleyhinə səs verəcəyəm. Bunun səbəbləri barəsində yoldaşlarımız danışdılar. Mən başqa cəhətlərə diqqətinizi cəlb edirəm.
Birinci səbəb ondan ibarətdir ki, fikrimizcə, büdcə layihəsində büdcənin gəlirlər hissəsi ölkənin real iqtisadi potensialını əks etdirmir. Keçən il olduğu kimi, bu il də təxminən 4-5 milyard manat həcmində vəsait büdcədən kənarda qalaraq talan edilir və mənimsənilir. Konkret mənbələri qeyd edirəm. Fərhad Əliyevin məhkəməsində Fərhad Əliyev bildirdi ki, 2005-ci ildə, o, həbs olunmamışdan qabaq, Dövlət Gömrük Komitəsində monitorinq aparılaraq büdcəyə çatmalı olan 3 milyard manat vəsaitin mənimsənilməsi haqqında dövlət başçısına məlumat vermişdi. Bunu ittiham olunan, məhkəməyə verilmiş, cinayətdə təqsirləndirilən şəxsin subyektiv mülahizəsi hesab etmək olardı. Amma xarici ölkələrin, konkret olaraq, Çin, Qazaxıstan, Türkiyə, Rusiya və Dubayın gömrük orqanlarının Azərbaycana ixracat haqqında, mal qrupları və ümumi məbləğlər üzrə rəsmi statistik rəqəmləri ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin və Dövlət Statistika Komitəsinin rəqəmləri arasındakı fərq eyni ilə üst-üstə düşür. Nəhayət, bu rəqəmlərin doğruluğunu ölkədə faktik vəziyyət, ticarət və pərakəndə ticarət dövriyyəsində olan malların və Dövlət Gömrük Komitəsinin özünün mal növləri üzrə verdiyi məlumatların üst-üstə düşməsi sübut edir. Bu, ən azı 3 milyard manatdır.
Builki büdcədə özəlləşdirmədən keçən il cəmi 40 milyon manat, bu il isə cəmi 50 milyon manat vəsaitin büdcəyə daxil olması haqqında məlumat ifadə olunubdur. Bu 3 milyon manata özəlləşdirilmiş “Azərbaycan” mehmanxanasının təkcə torpağının qiymətidir. Keçmiş “İnturist” mehmanxanasının torpağının qiymətidir. Bu il Diaqnostika Mərkəzinin hərraca çıxarılması haqqında informasiya vasitələrində məlumat getdi. Həmin Diaqnostika Mərkəzinin binası cəmi 850 min manata hərraca çıxarılıbdır. Bir daha təkrar edirəm, bu, mənim yaşadığım 8-ci mikrorayondakı beton evin iki blokunun qiyməti deyil. 1 nömrəli bağçanın özəlləşdirilməsi ilə bağlı faktı yadınıza salmaq istəyirəm. Azərbaycanda çox gözlənilməz bir hadisə oldu. Üzr istəyirəm, Səbail rayonunun ərazisindəki 1 nömrəli bağçanın hərracdakı qiyməti 20 min manatdan 2 milyon manata qalxdı və sonra 2 milyon manatı verən şəxs tərəfindən uduldu və hərracın nəticəsi ləğv edildi. Yəni özəlləşdirmədən gələn real gəlirlərlə özəlləşdirilən obyektlərin real qiymətləri arasındakı fərq 50-70 dəfə artıqdır. Biz bunu 30-40 hesab edə bilərik. Bu da 1,5-2 milyard edir.
Vergitutmadan gizlədilən müxtəlif gəlirlərdən məlumatlar verildi. Amma Hesablama Palatasının rəsmi rəyinə əsasən hesablanmış vergilərlə real olaraq toplanmış vergilər arasındakı fərq 2005-ci ildə 2 dəfə az idi. Hal-hazırda həm istehsal, həm də qiymətlər artmışdır və həmin fərqin 2 dəfə az olduğunu nəzərə alsaq, bir neçə milyard manat da burada yaranır.
Bir daha özəlləşdirmə məsələsinə qayıtmaq istəyirəm. Prokurorluğun Əli İnsanovun məhkəməsində özəlləşdirmə faktları ilə bağlı açıqladığı rəsmi məlumatlar göstərir ki, dövlət əmlakı xüsusilə Bakı şəhərində su qiymətinə satılır. Büdcə gəlirlərinin təsnifatı hissəsindən belə çıxır ki, yalnız dövlət təşkilatları və müəssisələri satılır. Amma torpaqların, avadanlığın və ayrı-ayrı real əsaslı kapital vasitələrinin satışı cədvəlində “sıfır” yazılıbdır. Dövlət müəssisə və təşkilatlarının satışından da cəmi 1 milyon 660 min manat gəlir proqnozlaşdırılır. 50 milyon isə, bilirsiniz ki, büdcə kəsirinin ödənilməsi üçün nəzərdə tutulmuş hissəyə daxildir. Bir daha təkrar edirəm, Azərbaycanın hazırdakı iqtisadi potensialı imkan verir ki, büdcənin gəlir hissəsi ən azı 12-14 milyon manata qədər artırılsın. Bu isə Azərbaycanın real potensialına uyğun olaraq, – mən, sadəcə, populyar rəqəmləri sadalayıram, – professorların maaşlarının 1000-1500, dosentlərin 500 manatadək, əmək pensiyalarının ən azı 2-3 dəfə, hərbi qulluqçuların, müəllimlərin, həkimlərin maaşlarının bir neçə dəfə artırılmasına imkan verən nəhəng bir rəqəmdir. Bu, Azərbaycan xalqının vəsaitidir.
Nəhayət, büdcənin ikinci mühüm hissəsi olan xərc hissəsinə diqqətinizi cəlb etmək istəyirəm. Yenə də investisiya xərcləri 33-34 faiz göstərilib. Amma çox qəribədir, bunu azaltmaq əvəzinə həmişə artırmağa cəhd göstərirdilər. Azaltmaq üçün “Aqrolizinq” Səhmdar Cəmiyyətinin, İpoteka Fondunun və Sahibkarlığa Kömək Milli Fondunun xərclərini bu il çıxıblar, bunlar ayrı ödəmə paraqrafında verilib. Belə olan halda investisiya xərcləri 35-36 faiz edir. Bu xərclərin konkret olaraq iqtisadi və funksional təsnifatı verilmir. Nəticə necə olub? Mən birinci dəfə Oqtay müəllimlə danışmışam, səhv etmirəmsə, kanalizasiya və su təsərrüfatı sisteminə 270 milyon manat pul ayrılıbdır. Bizim öz dairəmizdə apardığımız monitorinq göstərir ki, bunun cəmi 20-25 faizi xərclənib, qalanı isə mənimsənilib. Bunu sübut edərəm. “Azərsu” ilə məhkəmə çəkişməsinə hazıram, yerlərdə bizim iştirakımızla audit yoxlaması aparılmasını tələb edirik. Bu dediklərim Lerikdəki, Ağdaşdakı, Göyçaydakı, Salyandakı eyni tipli layihələrə də aiddir, mən Bakını da buraya əlavə edirəm.
Nəhayət, xərclərlə bağlı şəffaflıq məsələsinə diqqətinizi cəlb etmək istəyirəm. Büdcə xərclərinin funksional və iqtisadi təsnifatının verilməməsi büdcə vəsaitinin təqribən 60 faizə qədərini nəzarətdən kənarda saxlayır. Bu isə “Büdcə sistemi haqqında” Qanunun 12-ci maddəsinin müvafiq bəndinin ciddi pozuntusu hesab olunmalıdır. Yalnız təhlükəsizlik və müdafiə ilə bağlı xərclərdə bu qədər büdcə vəsaitinin kənarda qalmasına haqq qazandırmaq olar. Burada da büdcəyə parlament nəzarəti üsullarına keçmək lazımdır. Amma təkrar edirəm, bu ciddi qanun pozuntusu ilə heç bir halda büdcə layihəsini təsdiq etmək olmaz.
Konseptual baxımdan büdcə layihəsi artıq iqtisadiyyat elmində çoxdan dəbdən düşmüş və çox geri qalmış metodlarla hesablanmışdır. Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatının tərkib hissəsinə daxildir. Ümumi daxili məhsul göstəricisi düzdür, əsas makroiqtisadi göstəricidir, amma bu, normal iqtisadi dönəmlərdə belə olur. Hal-hazırda təcili, fərqli risklərə qarşı adekvat olan bir büdcə layihəsinin metodikasının işlənib hazırlanmasına və ehtiyat fövqəladə büdcənin hazırlanmasına ehtiyac vardır. Orada ümumi daxili məhsul, xalis milli gəlir və bundan əlavə, digər səmərəli, dövrün tələbatına uyğun olan proqnoz verməyə, onu öyrənməyə, təhlil eləməyə, dinamikanı izləməyə imkan verən makroiqtisadi göstəricilərdən istifadə olunmalıdır. Amma bu, yenə də təkrar edirəm, dəbdən düşmüş və əslində, indiki şəraitdə doğru olmayan, real vəziyyəti əks etdirməyən iqtisadi göstəricilərə əsaslanır. Hörmətli iqtisadçılar bunu bilərlər. Elə bir zaman yaranır ki, məsələn, maqnit işləmir, qütbləri göstərmir. Biz hal-hazırda elə bir maqnit anomaliyasına oxşayan iqtisadi anomaliya dövründə yaşayırıq və burada normal iqtisadi qanunlar öz fəaliyyətlərini dayandırmışdır. Təkrar edirəm, konseptual baxımdan bu səhvdir.
Fikrimizcə, ölkədə investisiya və sosial yönümlü büdcəyə ehtiyac vardır, hal-hazırda büdcə birmənalı şəkildə sosial yönümlü olmalıdır. İqtisadi inflyasiyanı yaradan amillər heç də insanların pensiya və təqaüdlərinin artırılması ilə bağlı olmayıb, burada dəfələrlə vurğulandığı kimi, ölkədə biznes fəaliyyəti ilə məşğul olan dövlət icra hakimiyyəti orqanlarının rəhbərlərinin fəaliyyətinin nəticəsidir. Burada inflyasiyanın iki amili – daxili, xarici amili haqqında danışıldı. Azərbaycanda ən güclü amil subyektiv amildir, vəzifəli şəxs amilidir. Dövlət başçısı siyasi iradə ortalığa qoyub bizneslə məşğul olan adamları kənarlaşdırsa, yaxud onları özlərinin dövlət işləri və vəzifələri ilə məşğul olmağa məcbur etsə, sizi inandırıram, inflyasiya məsələlərinə biz bazarda ən azı 60 faiz həcmində təsir göstərə bilərik.
Milli təhlükəsizlik məsələsi ilə bağlı, təkrar edirəm, bu istiqamətdə ciddi addımlar atılması mümkündür. Belə bir məsələdə də guya müxalifətin hər şeyi qara görmək istəməsi kimi qərar vermək lazım deyil. Belə bir vəziyyətdən biz olduqca narahatıq, çünki bu iqtisadi anomaliyalar, iqtisadi sarsıntılar labüdən siyasi sarsıntılara keçəcəkdir. Bu, hörmətli iqtidar nümayəndələrini olduğu kimi, bizi də narahat edir. Bizim hamımız, balalarımız bu ölkədə yaşayacağıq. Ona görə də mən bütün Milli Məclis üzvlərini və vəzifəli hökumət nümayəndələrini reallıqlara doğru baxmağa və deyilənlərdən nəticə çıxarıb real büdcə layihəsini ortaya qoymağa səsləyirəm. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, Pənah bəy. Mən Siz çıxış edəndən sonra danışmağa məcbur oluram. Çox qısa deyəcəyəm. Mən çox fikirləşirdim ki, bu dəfə büdcə qəbul edilərkən müxalifət nümayəndələri gedən inkişafa, büdcəyə konstruktiv, müsbət münasibət bildirəcəklər. Siz çox gözəl dediniz: “hər şeyi qara görmək”. Bu büdcədə hər şeyi qara görən adamın gözündə olan balaca ağı da qaralacaq. Hər şeyi belə qara görmək olmaz. Bir müxalifət nümayəndəsinin bu büdcəyə düzgün münasibətini görmədim. Bəziləri deyirlər ki, onsuz da hamı tərifləyəcək, mən tənqid edirəm. Tənqidi də yerində demək lazımdır.
İkinci, misallar çəkirsiniz, ittiham olunanlardan misallar gətirirsiniz. Şifahi söhbətlər, populist çıxışlar edirsiniz. Yenə Dövlət Neft Fondundan danışırıq. Bəziləri deyirlər ki, Dövlət Neft Fondunun gəlirlərini gələcəyə saxlamaq lazımdır. Digərləri deyirlər ki, fondun gəlirlərini artırmaq lazımdır. Biz təkcə gələcəyi düşünməməliyik, indi də Azərbaycan yaşayıb inkişaf etməlidir. İndi yaşayan nəsil Dövlət Neft Fondunun xeyrini görməməlidir?
Danışanda konstruktiv təkliflər vermək lazımdır. Mən öz çıxışımda deyəcəyəm, həqiqətən, bu büdcəyə münasibətdə Milli Məclisdə bir tendensiya yaranıb, bir dəstə büdcə layihəsini tərifləyir, digər tərəf isə bir müsbət cəhət görmür, hər şeyi qara görür. Bu düzgün deyil. Bu, Milli Məclisin hörmətini qaldırmır. Hər şeyə obyektiv yanaşmaq lazımdır. Hər çıxışda, heç olmasa, konstruktiv bir nöqtə olmalıdır. Fəzail Ağamalı.
F. Ağamalı. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Mən həmkarım Pənah Hüseyndən fərqli fikirdəyəm və onun çıxışını təhlil etmək və vaxtımı ona ayırmaq niyyətində deyiləm. Lakin mənə elə gəlir ki, Pənah Hüseyn gözündəki qara eynəyi çıxarmalıdır və həm Bakıya, həm də Bakıdan kənara, regionlara baxmalıdır və onda Azərbaycanın real mənzərəsi daha yaxşı görünər. Əlbəttə, qara eynəklə cəmiyyətə baxanda orada artıq hər şey qara görünür və orada həqiqəti tapmaq mümkün olmur. Deyərdim ki, bu cür çıxış mitinq çıxışlarıdır, bu cür çıxış büdcənin müzakirəsi zamanı deyilə biləcək, verilə biləcək töhfələri də özündə əks etdirmir. Həmkarlarım məndən inciməsinlər, Milli Məclisin səviyyəsinə uyğun olmayan çıxışdır.
Düşünürəm, məhz 2007-ci ilin yekunları və 2008-ci il üçün təqdim edilmiş büdcə zərfinin təhlili birmənalı şəkildə göstərir ki, vaxtı ilə əsası ulu öndərimiz tərəfindən qoyulan və indi ölkə Prezidenti tərəfindən uğurla həyata keçirilən sosial və iqtisadi strategiyanın alternativi yoxdur. Ölkə Prezidenti və onun peşəkar komandası əvvəlki illərdə olduğu kimi, 2007-ci ildə də ciddi maliyyə və iqtisadi nəticələr əldə etmiş və növbəti il üçün ciddi və əsaslı imkanlar yaratmışdır. Vergi sisteminin təkmilləşdirilməsi və vergi inzibatçılığının möhkəmləndirilməsi vergidən yayınma hallarının azalmasına və yığım əmsalının daha da artmasına səbəb olmuşdur. Bütün bunların hamısı təqdim edilmiş sənədlərdə özünü birmənalı şəkildə sübut edir. Ölkəmizdə liberal iqtisadi mühitin formalaşmasında, xüsusi ilə bürokratik əngəlliklərin aradan qaldırılmasında vahid pəncərə prinsipinin müəyyənləşdirilməsi və onun haqlı olaraq Vergilər Nazirliyinə həvalə edilməsi də, şübhəsiz ki, mühüm rol oynayacaqdır.
Büdcənin formalaşmasında əhəmiyyətli yeri olan gömrük qurumları da öz vəzifələrini uğurla yerinə yetirmişdir. Mən istisna etmirəm ki, hər hansı bir qurumun fəaliyyətində bu və ya digər nöqsanlar ola bilər. Lakin həmkarım Pənah Hüseynin Dövlət Gömrük Komitəsinin, eyni zamanda, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin ünvanına söyləmiş olduğu fikirlər, düşünürəm ki, əsassızdır və ədalətsizdir. Ola bilsin ki, Fərhad Əliyevin vaxtında belə hallar mövcud idi. Lakin indi artıq orada qayda-qanun yaradılıbdır. Bu cür fikirlər də hədsiz dərəcədə şişirdilmiş və əsası olmayan fikirlərdir.
Regionların inkişafında böyük sıçrayış baş vermiş, istər rayonlarımızın infrastrukturunun yenidən qurulmasında, istər yeni-yeni müəssisələrin açılmasında, istərsə də sosial obyektlərin, xüsusi ilə məktəblərin tikintisində və əsaslı təmir olunmasında ciddi uğurlar qazanılmışdır.
Nəqliyyat sisteminin müasir səviyyəyə uyğun olaraq formalaşdırılması, Bakıda tikilən və tikilməkdə olan körpülər, magistral avtomobil yollarının yenidən qurulması və bərpası ötən ilin mühüm göstəricilərindəndir. Yeri gəlmişkən deyim ki, burada “Avtoyolservis”in ünvanına yenə müxalifət tərəfindən deyilən və əsası olmayan tənqidi fikirlərlə heç cür razılaşmaq mümkün deyil. “Avtoyolservis” neçə illərdir Azərbaycanın bərbad vəziyyətə düşən nəinki magistral yollarının, eyni zamanda, Bakı şəhərinin yollarının, Azərbaycanın digər şəhərlərinin yollarının, kəndlərarası yolların bərpası ilə bu gün ciddi məşğul olur. Onların əlində sehrli çubuq yoxdur ki, bir gün ərzində, bir həftə ərzində illərlə yığılıb qalan bu problemləri həll etsinlər. İradə var, ortalıqda iş var, peşəkarlıq var, bu istiqamətdə işlər gedir və ümidvaram ki, bu işlərdə uğur əldə olunacaqdır.
Bu yaxınlarda ölkə Prezidenti Oğuzdan Bakıya çəkilən su kəmərinin işi ilə tanış olmaq üçün İsmayıllı rayonuna getdi. Bu bizə sevinc gətirməlidir. İndi həmkarım tərəfindən belə fikir söylənildi ki, guya Azərbaycanda su ilə bağlı yeyintilər var. Haradadır bu yeyintilər? Nədəndir bu yeyintilər? İndi Azərbaycanda su, kanalizasiya sistemi qaydaya düşür. Bunu indidən kölgə altına salmaq, ictimaiyyətdə düzgün olmayan fikir formalaşdırılması ədalətsizlikdir.
Neft strategiyası ilə bağlı bəzi fikirlərimi demək istəyirəm. Neft strategiyasının uğurla həyata keçirilməsi Azərbaycanın təhlükəsizliyinin və dövlət müstəqilliyinin möhkəmlənməsi ilə yanaşı, həm də sosial-iqtisadi inkişafımızın güclü maliyyə bazasını yaratmışdır. Burada deyildi, fikirlər söylənildi, mən onların üzərində dayanmadan, yenə də təqdim olunmuş sənədlərə müraciət edərək demək istərdim ki, 2006-cı ilə qədər büdcənin formalaşmasında əsas yeri neftdən gələn maliyyə artımı tuturdu. Artıq 2007-ci ildən başlayaraq bu tendensiya dəyişilmiş və aşağı düşməyə başlamışdır. Belə ki, 2006-cı ildə büdcədə neftdən gələn gəlirin payı 58 faiz, 2007-ci ildə 56 faiz olmuş və 2008-ci ildə bu rəqəm 52 faizə enəcəkdir. Baxın, tendensiya hara gedir? Deməli, Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə bağlı müəyyənləşdirilmiş strategiya özünün konkret nəticələrini verməkdədir.
Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün ölkə Prezidentinin imzaladığı sərəncamlar xalqın həyat səviyyəsinin yaxşılaşdırılmasında, şübhəsiz, öz müsbət nəticəsini göstərmişdir. Bir sözlə, yola salmaqda olduğumuz 2007-ci ildə həyatımızın bütün istiqamətlərində qazanılan müsbət meyillər gələcək inkişaf üçün ciddi zəmin yaratmış, növbəti illərdə davamlı iqtisadi inkişaf, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, dünya iqtisadiyyatına inteqrasiya və ekoloji təhlükəsizliyin təmin olunması kimi qlobal vəzifənin həyata keçirilməsini labüd etmişdir. Bütün bunlarla bərabər, eyni zamanda, hörmətli hökumət üzvlərinin diqqətinə bəzi fikirlərimi də çatdırmaq istərdim.
İlk növbədə Hesablama Palatasının sədri hörmətli və peşəkar maliyyəçi olan Heydər Əsədova demək istərdim ki, Hesablama Palatası indiyə qədər, əslində, öz funksiyasını bizim gözlədiyimiz qədər uğurla yerinə yetirə bilməmişdir. Bunu, gəlin, etiraf edək. İndi isə üzümü sizə tutub deyirəm ki, hörmətli Əsədov, Milli Məclisin deputatları Sizə çox güvənirlər. Ona görə güvənirlər ki, hələ də bəzi adamlar büdcədən onlara ayrılmış vəsaitə özlərinin dədə pulu kimi yanaşırlar, istədikləri yerə xərcləyirlər. Buna müəyyən dərəcədə ciddi nəzarət etmək mümkün olmur. Əlimizdə yetərincə faktlar var. Bu gün həmin adamların adlarını çəkmək istəmirəm. Amma ümidvaram ki, Sizin məsələyə peşəkar yanaşmağınız bu cür nöqsanların aradan qaldırılmasına xidmət edəcəkdir.
Burada ali məktəblərlə, elmlə bağlı fikirlər səsləndi. Azərbaycanın, şübhəsiz, ən böyük inkişafı Azərbaycanda elm inkişaf edəndə başlayacaq. Elmi tədqiqat institutlarına, ayrı-ayrı nazirliklərin yanında fəaliyyət göstərən institutlara cəmi 64 milyon manat ayrılıb. Bəs, onda ali məktəblərdə fəaliyyət göstərən laboratoriyalara nə üçün pul ayrılmayıbdır? Mən çox arzulayardım və çox xahiş edərdim ki, hökumət dəqiqləşdirmələr zamanı bu məbləğin miqdarını artırsın və ali məktəblərdəki laboratoriyaları da həmin kateqoriyaya aid etsin. Elmlər doktorlarına, elmlər namizədlərinə elmi ada görə pul verilməsi son dərəcə vacibdir. Necə olur ki, prokurora rütbəyə, xidmətə, vəzifəyə görə pul verilir, lakin elmi adlara görə pul verilmir? Verilsə də çox cüzidir, simvolik xarakter daşıyan puldur. Rusiyada bu pulun miqdarı elmlər doktoru üçün 500 dollardan yuxarıdır, elmlər namizədi üçün 300 dollara yaxındır. Çox arzulayardıq ki, bu da nəzərə alınsın.
Müdafiə Nazirliyi və sərhəd qoşunları sistemində xidmət edən zabitlərin əmək haqqının artırılması olduqca zəruridir. Mən düşünürəm ki, bunun üçün dəlil gətirməyə ehtiyac yoxdur.
Salyanda 256 km yol var, oraya cəmi 180 min manat pul ayrılıb. Xahiş edərdim ki, bu məbləğ artırılsın. Bir də orada əlillər üçün evlərin tikilməsi dayandırılıb, xahiş eləyərdim ki, bu iş də bərpa olunsun. Bütövlükdə büdcə layihəsinə müsbət yanaşıram, buna səs verəcəyəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Abel Məhərrəmov.
A. Məhərrəmov. Təşəkkür eləyirəm. Cənab Sədr, hörmətli hökumət üzvləri! İlk növbədə hər birinizi salamlayıram və qeyd etmək istəyirəm ki, mən təqribən 17 ilə yaxın Bakı Dövlət Universitetində namizədlik və doktorluq dissertasiyalarının müdafiə şurasının sədriyəm. Hər bir tədqiqatçı öz işini ortaya qoyarkən, buradakı kimi, müzakirələr keçirilir. Ancaq bu 17 ildə mən bir dəfə görməmişəm çıxış eləyən əvvəlcədən desin ki, mən bu tədqiqatçının dissertasiya işini sıfır qəbul edirəm, buna səs verməyəcəm. Belə şeyə rast gəlinməyib. Əgər səs vermirsənsə, artıq çıxış etməyə ehtiyac yoxdur.
Qeyd etmək istəyirəm ki, uğurlarımız göz qabağındadır. Heç kimin qara yaxmağa icazəsi yoxdur. Mən təklif eləyirəm, o insanlar ki qara yaxmaqla məşğuldurlar, onlar güzgünün arxasına keçməsinlər. Bu gün “qara” sözündən çox istifadə edildi. Güzgünün qara hissəsinə çox keçməsinlər, güzgünün önünə gəlsinlər, diqqətlə baxsınlar, əyər-əskiklərimizi bir yerdə düzəldək.
Doğrudan da, mən dünəndən çıxışlara diqqətlə qulaq asdım, məruzəçiləri dinlədim, bugünkü müzakirələri diqqətlə izlədim. Belə qənaətə gəlmək olar ki, bəli, bu gün Azərbaycanın dinamik inkişafı, sosial-iqtisadi inkişafının sürətlə artımı artıq stabilləşib və göz qabağındadır. Ümumi daxili məhsulun inkişafına görə dünyada birinci yerə çıxırıq. Bu yaxınlarda rektor həmkarlarımla Rumıniyadaydıq. Qara dəniz ətrafı ölkələrinin böyük bir konfransı keçirilirdi, buraya universitet rəhbərləri də dəvət edilmişdilər. Avropa İttifaqının rəsmi nümayəndəsi orada çıxış edərək, Qara dəniz hövzəsi ölkələrində sosial-iqtisadi inkişafın dinamikasını ortaya qoydu. Ümumi daxili məhsulun inkişaf dinamikasını göstərdi. Mən də, mənimlə gedən yoldaşlar da qürur hissi keçirdik ki, yalnız Azərbaycanın rəqəmi 28,3 faiz göstərildi. Heç bir ölkə üzrə 11 faizdən yuxarı rəqəm yox idi. Biz qürur hissi duyduq.
Bu nəyi göstərir? Bu onu göstərir ki, bəli, Azərbaycanda ümummilli liderimiz tərəfindən əsası qoyulmuş siyasi kurs hazırda ölkə rəhbərimiz cənab İlham Əliyev tərəfindən uğurla irəli aparılır. Biz buna sevinməliyik. Qara yaxmaq, hər işdə nöqsan tapmaq mümkündür. Ancaq ağılla, məntiqlə yanaşmaq lazımdır.
Bu gün biz yığışmışıq ki, ortaya qoyulan büdcə layihəsini düzgün bölüşdürülüb-bölüşdürülməməsini müzakirə edək. Haraya daha çox diqqət yetirilməsini ortaya qoyaq. Mən “büdcə zərfi” sözləri ilə razı deyiləm. Bir institut işləsə, bu qədər sənədi hazırlaya bilməz. Açıq danışıram, niyə bunu “zərf” adlandırmaq lazımdır? Parlamentin komissiyasında akademik Ziyad Səmədzadənin rəhbərliyi ilə büdcə layihəsi müzakirə olunubdur. Bəzi iradlar da deyilib, düzəlişlər də edilib. Yəni ortaya çıxarılan sənədlərə “zərf” deməyi mən qəbahət hesab edirəm. Nə qədər bölmələrdə, komissiyalarda müzakirələr getdi. Bütün sənədlərə hörmətlə yanaşmaq lazımdır.
Ədalət naminə demək lazımdır ki, Maliyyə Nazirliyi çox praqmatik düşüncələrlə iqtisadi inkişafımızı təmin edən bir layihə ortaya qoyubdur. Bundan artıq nə olmalıdır? Ancaq problemlərimiz var.
Mən çox şadam, elə bir sahə yoxdur ki, oraya maliyyə, investisiya qoyuluşu keçən ilkindən az olsun. Xüsusi ilə də sosial yönümlü büdcənin 2,8 milyon artırılması bizi sevindirir. Təhsilə qoyulan investisiya, vəsait layihədə öz əksini çox gözəl tapıbdır. 1 milyard yeni Azərbaycan manatı həcmində təhsilə investisiya qoyulub. Bu məgər azdır? Bu gün ölkə rəhbəri möhtərəm Prezidentimiz təhsil işçiləri qarşısında belə bir məsələ qoyubdur: Azərbaycanın iqtisadi potensialını intellekt kapitalına çevirmək. Bu gün Azərbaycan ziyalıları qarşısına qoyulan bir nömrəli formuladır. Biz düşünürük ki, bunu necə həyata keçirək? Bu maliyyə vəsaitindən necə istifadə edək ki, həmin ideyanı həyata keçirək?
Bu gün Azərbaycan müharibə şəraitindədir. Qarabağ problemi həll olunur. Ancaq dünyanın 200-ə yaxın ölkəsi artıq sərhədsiz ölkələr haqqında düşünür. Gələcəkdə əsgərlərin tüfəngini, silahını qələm əvəz edəcəkdir. Danışığı elm əvəz edəcəkdir. Bu barədə düşünməliyik. Bax, mən bu baxımdan xüsusi olaraq qeyd edirəm ki, təhsilə diqqət yetirilir. Xüsusi ilə Milli Elmlər Akademiyasına ayrılan vəsaiti mən dəstəkləyirəm. Mən burada rəqəmləri qeyd eləmişdim. Səhv etmirəmsə, keçən il 45 milyon manat olmuşdur. Hətta birinci oxunuşdan sonra düzəlişlər edildi. Bu il Milli Elmlər Akademiyasına 64 milyon manat vəsait ayrılıb. Hələ üstəlik prioritet elm sahələrini inkişaf etdirmək üçün vəsait nəzərdə tutulub. Hörmətli Samir müəllimlə biz bayaq danışdıq, yeni elmi istiqamətləri inkişaf etdirmək üçün 5 milyon manat vəsait ayrılıb. Üstəlik Azərbaycan Milli Elmlər Akademiyasına yeni avadanlıqların alınması və bunların cəmləşdirilib laboratoriya yaradılması üçün 2 milyon manat ayrılıb. Deməli, Azərbaycanda elmə, təhsilə böyük qiymət verilir.
Mən yeri gəlmişkən, bir məsələni də demək istəyirəm. Təhsil elə sahədir ki, bütün insanlar bununla maraqlanırlar, bütün ailələr təhsillə əlaqədardırlar. Elə yerindən qalxan deyir ki, təhsilin səviyyəsi məni qane eləmir. Təhsilin mahiyyəti var. Dünən bir yoldaş çıxış edib deyir ki, rektorlar işlərini belə qururlar, filan edirlər. Təhsilin dövlət standartı var. Təhsilin dövlət standartını Azərbaycanın Təhsil Nazirliyi təsdiq edir. Azərbaycandan kənarda Avropa Birliyi təsdiq edir. Baloniya prosesinin üzvü olan dövlətlər təsdiq edirlər. Buna görə danışanda belə məsələlərə diqqət yetirmək lazımdır. Bu, idarə deyil ki, hərə və ya rektor öz bildiyini etsin.
Nəhayət, vaxtım azalıb, bir-iki əməli təklif vermək istəyirəm. Bayaq dediyim kimi, bu dəqiqə məni 5 milyon manatın necə xərclənməsi düşündürür. Bayaq hörmətli nazirimiz Samir müəllimlə mən bu barədə söhbət etdim. Mən təklif edirəm ki, həmin 5 milyon manat yalnız Azərbaycan Milli Elmlər Akademiyasının Elm Fondu vasitəsi ilə həyata keçirilməsin, ali təhsil sahəsində çalışan alimlər də bu məsələyə cəlb olunsunlar. Yəni bu nə deməkdir? Hörmətli Oqtay müəllim, təsəvvür edin ki, bu gün Azərbaycan Milli Elmlər Akademiyasında 500-ə yaxın, Azərbaycanın ali təhsil müəssisələrində 1200-ə yaxın elmlər doktoru çalışır. Təqribən 150 nəfər də digər nazirliklərdə çalışır. Əgər cəm etsək, 1800 nəfərə yaxın elmlər doktorunun 1200 nəfəri Azərbaycan təhsil sistemi ilə yaşayır. Nə üçün bu 5 milyon yeni Azərbaycan manatı yalnız Azərbaycan Milli Elmlər Akademiyasında çalışan alimləri stimullaşdırmalıdır? Bəs 1200 nəfər elmlər doktoru kimi bir potensial haraya getməlidir? Bir misal göstərim. Bu yaxınlarda Moskvadan İnternet vasitəsi ilə məlumat almışıq. Oranın rektoru da bu məlumatı... Mənim nə qədər vaxtım qalıb?
Sədrlik edən. Sizdən xahiş eləmişdim...
A. Məhərrəmov. 2 dəqiqə? Təşəkkür edirəm. Məsələn, yalnız nanotexnologiya üçün 7 milyard ABŞ dolları məbləğində vəsait ayrılıb. 5 il üçün 1,2 milyard ABŞ dolları nəzərdə tutulub. Rusiya bizim təhsilə ayırdığımız vəsaitdən çox vəsaiti 2007-ci ildə nanotexnologiyanın işlənməsi istiqamətində investisiya qoyubdur. Onun 50 faizi ancaq təhsil müəssisələri vasitəsi ilə həyata keçirilir. Mən fürsətdən istifadə edib, xahiş edirəm ki, həmin vəsait artırılsın, təhsil işçiləri üçün də nəzərə alınsın. Mən bu cür düstur şəklində həyata keçirilməsini təklif edirəm. Hesab edirəm, Nazirlər Kabineti nəzdində bir qurum yaranmalıdır. Əvvəllər Dövlət Elm və Texnika Komitəsi var idi. Buna oxşar bir qurum yaranmalıdır və həmin proqram qrant şəklində həyata keçirilməlidir ki, hamı – həm Milli Elmlər Akademiyası, həm Azərbaycanın ali təhsil müəssisələri iştirak eləməlidirlər. Qrantların adının belə olmasını təklif edirəm: “Heydər Əliyev adına qrantlar və proqramlar”. Bu, şəxsən öz fikrimdir və dünyada belə bir təcrübə var. Sokrat...
Sədrlik edən. Abel müəllim, çox sağ olun ki, belə təkliflər verdiniz. Amma deyim ki, maliyyə vəsaitlərini Rusiya ilə tutuşduranda bir az düzgün gəlmir. Rusiyada 7 milyarddır, bizdə 1896 elmlər doktoru varsa, yəqin, Rusiyada 18 mindir. Yəni ona görə də ayrılan vəsaitləri tutuşdurmaq düzgün deyil. Amma dediyiniz təkliflər çox gözəl təkliflərdir. Mən də məşğul olaram. Yevda Abramov.
Y. Abramov. Təşəkkür eləyirəm, Oqtay müəllim. Hörmətli Sədr, hörmətli millət vəkilləri, hökumət üzvləri, hörmətli nazirlər, komitə və şirkət rəhbərləri! Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən Milli Məclisə təqdim olunmuş 2008-ci ilin dövlət büdcəsi çox ciddi maliyyə sənədi olaraq, həqiqətən, kifayət qədər elmi əsaslarla, ən yüksək səviyyədə hazırlanmışdır. Təqdim edilmiş yeni büdcə 2007-ci illə müqayisədə çox yüksək göstəricilərə malikdir. Nəzərdə tutulan artım tempi Azərbaycan iqtisadiyyatının intensiv inkişafından, Azərbaycan dövlətinin möhkəmlənməsindən, onun müdafiə qabiliyyətinin daha da güclənməsindən, bölgədə və bütün dünyada nüfuzunun artmasından xəbər verən vacib dövlət sənədidir.
Mən bir millət vəkili, həmçinin bir Azərbaycan vətəndaşı kimi 2008-ci ilin büdcəsində nəzərdə tutulan əsas müddəaları bəyənirəm. Hər şeydən öncə onun sosial yönümlü, maliyyə tutumlu, investisiya yönümlü olmasını alqışlayıram. Büdcə, həqiqətən, tərifəlayiqdir, əgər mən onu tərifləsəm, bəlkə çıxışa yazılanların da vaxtı mənə bəs etməz, Oqtay müəllim. Amma yenə deyirəm, bu büdcə güclü Prezidentin, güclü dövlətin, güclü xalqın büdcəsidir. Bu bir daha sübut edir ki, Prezident yerindədir, hökumət yerindədir. Xalqın rifahı üçün daim düşünürlər. Büdcədəki rəqəmlər göstərir ki, büdcənin arxasında xalq, xalqa qayğı durur. Bu, büdcəmizin ən yüksək, müsbət tərəfidir. Mən, əlbəttə, opponentlərimizlə polemikaya girməzdim. Ancaq məni bir məsələ buna vadar eləyir. Keçən il büdcəmiz müzakirə ediləndə bizi Hollandiya sindromu ilə qorxutdular. Bir sıra deputatlar dedilər ki, guya dövlətin Xınalıq yoluna qoyduğu pulu göyə sovurublar. Amma Xınalıq yolunu heç tanımayan opponentlərimiz, gedin, baxın, görün, Xınalıqda nə cür gözəl məktəb tikilir. Gedin, görün, Dəhnədə bu il necə gözəl məktəb qəbul etdik. Biz Abel müəllimlə orada idik. Əgər həmin yol olmasaydı, məktəb tikiləcəkdimi? Gedin, görün, yayda ora nə qədər turist gəlir. Bunlar, bilmirəm, neftin qara rəngindən qorxurlar, qoxuya qarşı allergiyaları var? Ancaq mənim benzin iyindən, neft qoxusundan xoşum gəlir. Sizdən soruşanda ki, hakimiyyətdə olanda niyə işləmədiniz? Dediniz ki, o vaxt neft yox idi axı. İndi neft var, bizi qınayırsınız. Biz bəs nədən istifadə edək ? Axı nefti olan ölkələrdə – Meksikada, Qazaxıstanda, Rusiyada büdcəyə əsas gəlir gətirən sahə kimi nəzərdə tutulur. Axı, neftimiz Kür, Araz çayı deyil ki, biz vedrə ilə oradan götürüb xərcləyək. Nefti çıxaran oğul lazım idi, çıxardı, Azərbaycanı dünyaya tanıtdı. Bu gün neft Azərbaycanın tanıtım simvoludur. Bəzi ölkələr qondarma soyqırımla tanınır, Azərbaycan dünyada neftlə tanınır. Burada bir qəbahət varmı? Mən başa düşə bilmirəm.
İkinci, deyirlər ki, abadlığa həddən çox pul xərcləyirsiz. Bəs nəyə xərcləyək? Mən həmişə işlədiyim yerdə abadlıqla məşğul olmuşam. Yalnız Milli Məclisdə tikib-yaratmıram. Vallah, indi də əlim gicişir. Olsa, yenə tikib yaradaram. Ölkəni abadlıqla tanıyırlar, bərbadlıqla tanımırlar. Bu gün Heydər Əliyev prospektində bütün divarlara ağ lay vurulursa, burada nə pis iş var? Bir nömrəli prospektdir, giriş-çıxış qapımızdır, qurulmalıdır, yaradılmalıdır. Bütün ölkələr abadlaşır, biz niyə abadlaşmayaq?
Bu gün Azərbaycanda çox gözəl yollar çəkilir, Oqtay müəllim. Biz bu yolları gedirik. Vahid müəllimlə həmişə gedib-gəlirik. Sovetlər dönəmində güclü dövlətin tərkibində olmuşuq, amma belə yollarımız olmayıb. İkinci tərəfdən, yol təsərrüfatına rəhbərlik edən bizim həmkarımız, qardaşımızdır. Siz onu fikirləşirsinizmi? Bu gün Moskva şəhərinin özündə xarici avtobuslara, ikarusları çıxmaq şərti ilə, rast gəlmirsiniz. Dünən televizorda baxdınız. Koreyadan nə gözəl maşınlar gəlib. Axı, niyə siz siyasi daltonizm xəstəliyinə tutulmusunuz? Niyə bunları görmürsünüz?
Neft qoxusu gəlir? Mən bununla razılaşmıram. Mən üzr istəyirəm, bilirsiniz nə qoxusu gəlir? Səhər-səhər üzünü təraş eləyib, sonra aromatik maddələrdən istifadə edirsiniz, onun qoxusu gəlir. Neft Azərbaycana xoşbəxtlik gətirib. Bu xoşbəxtlikdən biz istifadə edə bilmirik. Bu gün indi hansısa bir vulqar qəzetin materialı üçün baş məqalə veririk ki, büdcədən neft qoxusu gəlir. Belə bir məqalə yazılacaq və sizin üçün də bir neçə nəfər əl çalacaq. Eybi yoxdur. Biz populizm üçün çıxış etmirik. Biz iqtidar nümayəndəsiyik. Biz bu gün görürük ki, ölkədə çox böyük sıçrayışla inkişaf gedir, büdcə də ona xidmət edir. Tənqid lazım olanda biz özümüz özümüzü tənqid edirik.
Oqtay müəllim xatırlatdı. Çox gözəl, biz daha onu təkrarlamayacağıq. Bu batan əmanətlər haqqında mən də, Oqtay müəllim, bir az kəskin danışmışdım. Ziyafət müəllim həmin iclası aparırdı. Mənim də təkliflərim vardı. İndi yəqin ki, komissiyada o üç məsələ müzakirə ediləcək. Amma bütün bunlara baxmayaraq, biz bölgədən seçilən deputatlarıq, Oqtay müəllim. Bizim də bir sıra narazılıqlarımız var. İş olan yerdə bu narazılıqlar, təbii ki, olmalıdır.
Birinci növbədə, hörmətli Sədr, yenə bölgələrdə işıq, qaz problemi seçicilərimizi düşündürən, maraqlandıran böyük bir problemə çevrilib. Vilayət müəllimlə Etibar müəllimin, Əlixan Məlikovun yanında olmuşuq. Dünən vardı, bu gün yoxdur. Mən bayaq fasilədə zəng elədim ki, vəziyyəti öyrənim. Yenə vəziyyət ağırdır. Bunun başlıca səbəbi nədir? Biz analiz etmişik. Yerli kadrların dediyinə görə, Oqtay müəllim, rayonlara göndərilən qaz sayğacları uyğun deyil. Yəni rayonlarda olan təzyiq üçün nəzərdə tutulmayıb. Başlıca bəla budur. Deyirik ki, niyə yenilərini almırsınız? Deyirlər ki, biz bu işə girişə bilmərik. Bu ağır problemdir. Bayaq Vahid müəllimin dediyi olmasın, mən də, vallah, qorxuram, bilmirəm bu işin dalında duran var? Mən bunu hiss edə bilmirəm. Ona görə bütün camaat, Oqtay müəllim, mən səmimi deyirəm, qaz sayğaclarını çıxarıb, atıb. Hamı xüsusi rezin borudan istifadə edir və pul yığmaq olmur. Pul yığılmayanda da Əlixan Məlikov rayona qaz vermir. Mən qaz təsərrüfatına çox böyük dəstək vermişəm, çox böyük köməklik göstərmişəm. Moskvadakı iş adamlarının maliyyə vəsaitlərini bu sahəyə cəlb etmişəm. Amma yenə də rayona qaz vermirlər. Bir deputat kimi deyirəm: əgər Quba rayonuna qaz versəniz, inanın ki, rayona verilən qazın bütün pulunu köçürməyə hazırıq. Təki Qubada qaz olsun. Amma heç kim döşünə döyə bilməz ki, bunu mən öhdəmə götürürəm. Mən də götürə bilmərəm.
Deputat Zahid Orucov çox gözəl bir məsələ qaldırdı. Quba almasına bir icmal verdi, bizi iştaha gətirdi. Bu, doğrudan da, belədir. Qubanın əsas yaşayış mənbəyi almadır. Amma bu alma Azərbaycan bazarına girə bilmir, Oqtay müəllim. Bunun səbəblərini bilmirəm, mən iqtisadçı deyiləm. Amma yalnız Quba almasını xırda minik maşınlarının arxa tərəfində küçələrdə gizli satmaq olur, özü də çox ucuz qiymətə. Niyə biz bu ucuz nemətimizi respublikada yeyə bilmərik? Qoy bu əhali də bir az pul qazansın. Bizdə pambıqçılıq yox, üzümçülük yox, şərabçılıq yox, tütünçülük yox. Bu insanlar yalnız alma ilə dolanırlar. Vaxtı ilə Sovet İttifaqında hamımız tənqid edirdik, amma “Azərittifaq” çox gözəl bir sistemlə işləyirdi. Tədarük müəssisələri bu meyvələri yığırdı, ailəyə pul verirdi. Olmazmı bu sistemə yenə qayıdaq? Düzdür, bu gün bazar iqtisadiyyatıdır, başa düşürəm. Nazirlikdə yenə hansısa bir variantda bunu düşünə bilərlər.
Bir məsələ də xalçaçılıqla bağlıdır, Oqtay müəllim. Bu da çox maraqlı bir məsələdir. Kiçik Qafqaz dağları ətəyində olan bütün kəndlər xalçaçılıqla məşğul olurlar. Qubada da bununla məşğul olurlar. Amma inanın ki, bir xalçanı sərhəddən çıxarmaq müşkül məsələdir. Mən 15 dəfə Çində olmuşam. Nəyi istəyirsən çıxar, təki valyutanı konvertasiya edib dəyişəsən. Amma buradan bir xalçanı çıxarmaqdan ötrü... Təzə xalçadan söhbət gedir. İncəsənət muzeyində həftədə iki gün işləyirlər. Orada növbəyə durub xalçanın şəklini çəkdirməlisən. Sonra onu aeroportdan keçirə bilərsən. Nə böyük şeydir? Mən bildiyimə görə 1942-ci ildən sonra bütün xalçalar sərbəst olaraq Azərbaycandan keçirilib. Bu həm Vergilər Nazirliyi üçün maraq dairəsidir, gözəl vergi gələcək, həm də kadrlarımız orada iş tapacaqlar. Mən orada iş adamının köməyi ilə xalçaçılıq şöbələri açdırmışam. Mən Azərbaycan televiziyası ilə də demişəm ki, xalçaçılığa geniş yol verilməlidir, nə qədər istəyirsə sərhəddən kənara çıxarmaq mümkün olmalıdır. Bunu həm də ermənilərə qarşı istifadə edə bilərik. Mən bir sıra ölkələrdə Azərbaycan xalçasının onların adı ilə təqdim edildiyini görmüşəm. Əlbəttə, mənim bir çox təkliflərim var idi.
Sədrlik edən. Çox sağ olun. Qaz barədə dediniz, sayğacları qurublar. Bir misal deyəcəyəm. Qazax rayonunda əhali qaz da alır, sayğaclar da işləyir, çünki orada qaz pulu yüz faiz yığılır.
Xalçalarla bağlı doğru dediniz, Quba xalçaları çox qiymətlidir. Valeh müəllim, buyurun.
V. Ələsgərov. Təşəkkür edirəm. Cənab Sədr, hörmətli deputatlar, hörmətli qonaqlar, xanımlar və cənablar! Birincisi, mən bu sənədləri hazırlayan insanların hamısına minnətdarlığımı bildirmək istəyirəm. Bu işin başında duran şəxsdən başlayaraq nazirliklərdə, dövlət qurumlarında çalışan hər bir insana minnətdarlığımı bildirirəm. Çünki çox mürəkkəb və məsuliyyətli bir işin öhdəsindən bacarıqla gəliblər. Doğrudan da, qərəzsiz baxsaq, bu sənəd ildən-ilə daha da təkmilləşir, daha da yüksək səviyyədə hazırlanır. Bu gün biz sözün həqiqi mənasında yüksək səviyyədə hazırlanmış bir sənədi müzakirə edirik.
Ola bilsin ki, bəzi məsələlərə toxunulmasa idi, mən çıxış eləməzdim.
Mən ilk növbədə, əlbəttə ki, neft amilinə, neft faktoruna toxunmaq istəyirəm. Uzun müddət bu sahədə işlədiyimə görə, yəqin ki, çıxış eləyənlərin əksəriyyətindən fərqli olaraq bu məsələni daha yaxşı bilirəm. Təvazökarlıqdan uzaq olsa da, bu bir həqiqətdir. Bir fikir verin, görün, hökumət neft faktorundan nə vaxt istifadə etməyə başladı. 1999-cu ilin noyabr ayında neftlə dolu birinci tanker bazara çıxdı. 2002-ci ili yadınıza salın, Dövlət Neft Fondu yaradılana qədər ölkənin büdcəsi hansı vəziyyətdə idi? O puldan 1 qəpik istifadə olundumu? Yox. Samir müəllim Dövlət Neft Fondunun rəhbəri təyin olunandan hesablarını açana qədər 262 milyon 670 milyon dollar pul yığılmışdı. Onun hamısı qəpiyinə qədər Dövlət Neft Fondunun hesabına köçürüldü. Əgər bu hökumət, bu iqtidar populist məqamlardan istifadə eləmək istəyərdisə, ən yaxşı imkan o zaman vardı.
Ancaq indi bir məqama fikir vermirsiniz. Dövlətin valyuta ehtiyatları faktiki olaraq dövlət büdcəsinə yaxın bir miqdardadır. Əlbəttə ki, bu gün neft amilindən istifadə etməmək ağılsızlıq olardı. Əgər istifadə etməsəydilər, onda deyəcəkdilər ki, millət acından qırılır, bunlar da pulları harasa sərf edirlər. Dövlət Neft Fondunun vəsaitindən çox düzgün istifadə olunur. Birinci növbədə infrastruktur layihələrinə diqqət verilir. Çünki bu gün infrastruktur layihələri həyata keçirilməsə, qısa müddətdə qeyri-neft sektorunun inkişafını təmin etmək mümkün olmayacaq. Yol, qaz kəməri, elektrik şəbəkəsi, körpü, rabitə olmadan qeyri-neft sektorunun inkişafını təmin etmək mümkün deyil. Ona görə də istəyirəm ki, bir məsələni nəzərinizə çatdıram. Lazımi dərəcədə maliyyə stabilliyini qoruya bilən valyuta ehtiyatları yaranandan sonra neft amilindən daha geniş istifadə olunmağa başlanıb. Bir də ki, 1 milyard pul nədir ki? Əgər təklif olsa idi ki, Neft Fondundan transfertlər edilməsin, büdcə 1 milyard 100 milyon aşağı salınsın və təhsildən, filan yerdən bu qədər kəsək, onda bunu başa düşə bilərdim. Başqa təklifi, heç kim məndən inciməsin, ürəyimdə olanı deyirəm, populizm kimi qəbul eləyirəm.
İkincisi, çox üzr istəyirəm, büdcə ilə əlaqədar müzakirədə mən bir dəfə də olsun eşitmədim deyilsin ki, bu büdcə “Büdcə haqqında” Qanuna uyğun tərtib olunub, yoxsa yox. Birinci müzakirə olunan məsələ bu olmalıdır. “Büdcə haqqında” Qanunu bu Milli Məclis qəbul edib, ona görə də birinci növbədə bunu tələb etməlidir, buna nəzarət etməlidir.
Bayaq burada Prezident Fondu haqqında hərə bir söz dedi. Əgər qanunauyğun olmayan şeyi desəydik, onda düzgün olmazdı. Prezidentin Fondunun yaradılmasının qanunda əksini tapması düzgün bir addımdır, çünki indi büdcədə hər şeyi nəzərdə tutmaq mümkün deyil. Zəlzələni, seli, yanğını büdcədə qabaqcadan nəzərdə tutmaq mümkün deyil. Bu fond olmalıdır və hamımız bu fonddan kəndlərdə, şəhərlərdə necə istifadə olunduğunu görürük. Ona görə gəlin, müzakirəmizi “Büdcə haqqında” Qanunun çərçivəsində aparaq. Bir də, kiminsə digərini tənqid etməyə əsası yoxdur, çünki büdcəni tərtib edənlər də, onu müzakirə edənlər də bu ölkənin vətəndaşlarıdır və hər kəs bu dövlətin qüdrətli, zəngin olmasını istəyir. Qüdrətli, zəngin dövlət olmayandan sonra qazandıqlarımız da yox olacaq. Ona görə, heç şübhəsiz, burada iştirak edən hər bir şəxs dövlətin qüdrətli və zəngin olmasını fikirləşir. Bu baxımdan pozitiv mövqedən çıxış etmək daha səmərəli və daha əlverişli olar.
Bundan başqa, bir neçə məsələyə də toxunmaq istəyirəm. Dövlət Neft Fondu yaranmamışdan qabaq çox məşhur bir lozunq var idi. Pullar yığılanda hamı deyirdi ki, verin, xərcləyək. Mən sizdən çox üzr istəyirəm, elə bu gün də deyirlər ki, verin, rayonumuza, şəhərimizə, təhsilimizə xərcləyək. Haradan? Konkret mənbəni də göstərməlisiniz. Qanun çərçivəsində danışırıqsa, mənbəni də deməliyik. Deməliyik ki, Samir müəllim, Heydər müəllim, filan yerdən kəsin, təhsilə verin. Bunu mən normal qəbul edirəm. Amma elə deyirlər ki, artıraq. Haradan, əlavə mənbə göstərin, artıraq. Təhsilə, səhiyyəyə, kənd təsərrüfatına ayrılan xərclərin artmasını kim istəmir? Amma mənbəni də göstərmək lazımdır. Yeri varsa, göstərin, xərcləyək. Problem deyil.
Maaşların artırılmasından danışıldı. Mən eşitmədim bir adam desin ki, ay hökumət, niyə əmək məhsuldarlığı 32 faiz, amma maaşlar cəmi 14 faiz artıb? Bunu desəydilər, başa düşərdim. Mənə verilən məlumata görə 2007-ci ilin 9 ayında qeyri-neft sektorunda maaş 32,7 faiz, əmək məhsuldarlığı 16,1 faiz artıb. Harada görülüb bu? Avropadan, ABŞ-dan danışırıq. Hansı inkişaf eləmiş ölkədə maaşın artımı əmək məhsuldarlığının artımından yüksək olur. Bunu niyə heç kim demir? Niyə heç kim tələb eləmir ki, ay hökumət, maaşların artımını əmək məhsuldarlığına uyğunlaşdır. Hamı deyir ki, gəlin, maaşları artıraq. Onda gəlin, hökumətlə bərabər inflyasiyaya da şərik çıxın da.
Mən keçən dəfə hökumətə səsləndim ki, 64 millət vəkilinin təkliflərini nəzərə aldınız, amma sizə inflyasiya zamanı heç kim şərik çıxmayacaq. Maaşların, bazarda, dövriyyədə pulun birdən-birə artması inflyasiya gətirməyəcək? Dövriyyədə olan pulun sürəti nə qədər artıb? Birinci, ölçülə bilən iqtisadi amilləri nəzərə alın, sonra başqa şeydən danışaq. Hər kəs öz rayonunun mənafeyini qorusun, büdcəni bizə versinlər, rayonlarımız arasında bölüşdürək.
Dövləti fikirləşiriksə, gərək dövlətin, millətin büdcəsi haqqında danışaq. Bunu qorumalıyıq. Mən inanıram ki, bunu hazırlayan insanlar vəsaiti rayonlar, şəhərlər arasında böləndə hər şeyi metodoloji tərəfdən düzgün nəzərə alıblar. Gəlin hesablayaq, baxaq. Bir nəfər desin ki, filan rayona və yaxud şəhərə düzgün yanaşılmayıb. Düzdür, hər kəs istəyər ki, bu, artıq olsun. İnşallah, gələn il 15 milyard artar, o biri il 20 milyard olar. Biz bu gün bu siyasətlə getsək və hökumət bizə dəstək versə, gələn il 18 milyard da olacaq, 25 milyard da. Amma yenə də deyirəm, bir adam da əmək məhsuldarlığını dilinə gətirmədi. Bu çox vacib bir göstəricidir.
Bir məsələyə də toxunmaq istəyirəm. Nəyisə artırmaq istəyiriksə, onun nəticəsini də eşitməliyik. ABŞ-da elmə filan qədər pul xərclənir. Hansı sistemlə xərclənir? Qrant sistemi ilə. Alim deyir ki, mənim əlimdə belə bir işim, belə bir fərziyyəm var, bu, filan şeyə çevrilə bilər, ona görə bu qədər pul lazımdır. İsbat eləyir və tenderdən keçir. Çox üzr istəyirəm, biz bu “xərcləyək” psixologiyasında davam eləsək, inkişafımız olmayacaq. Məni səbrlə dinlədiyinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Astan Şahverdiyev.
A. Şahverdiyev. Oqtay müəllim, çox sağ olun. Mən çıxışıma başlamazdan öncə Sizin sözünüzə qüvvət vermək istəyirəm. Həqiqətən də, həmkarlarım bilməlidirlər ki, işıq spektrində iki rəng, yəni yalnız ağla qara yox, daha 7 rəng var. İndi isə çıxışıma başlayıram.
Hörmətli Milli Məclis, hörmətli hökumət üzvləri, xanımlar və cənablar! İlk növbədə qeyd eləmək istəyirəm ki, dövlətimizin əsas maliyyə sənədinin Milli Məclisə vaxtında təqdim olunması təqdirəlayiq bir haldır. Büdcənin detallarına varmadan qeyd eləmək istəyirəm ki, cənab Prezidentin xüsusi sərəncamı var ki, 2007-ci ilin sonunadək çadır düşərgələri ləğv edilsin və orada yaşayan bütün məcburi köçkünlər müvəqqəti olaraq yeni salınmış qəsəbələrə köçürülsünlər. Həqiqətən də, biz bu il verilən tapşırığın yüksək səviyyədə və vaxtında yerinə yetirilməsinin şahidi oluruq. Çadır düşərgələri ləğv olunur, məcburi köçkünlər yeni qəsəbələrə köçürülür və ilin sonunadək bir nəfər də olsun məcburi köçkün çadırda qalmayacaqdır. Buna görə də mən cənab Prezidentə Cəbrayıl rayonunun məcburi köçkünləri adından minnətdarlığımı bildirirəm. Digər tərəfdən, gələn ilin dövlət büdcəsində bütün sahələr üzrə kifayət qədər vəsait ayrılmışdır və buna görə də biz cənab Prezidentə, Nazirlər Kabinetinə, Maliyyə Nazirliyinə çox sağ olun deyirik.
Bir məsələyə diqqətinizi yönəltmək istəyirəm. 2008-ci ilin dövlət büdcəsi həm də ölkənin müdafiəsini təmin edən bir sənəddir. 2007-ci ilin büdcəsində də 2005-ci ilə nisbətən bu sahədə artım var idi. Lakin artım növbəti il üçün daha çox nəzərdə tutulmuşdur. 2007-ci ildə 797 milyon manata yaxın olan hərbi xərclər 2008-ci il üçün 1 milyard 20 milyon manata çatmışdır ki, bu da keçən ilə nisbətən 223 milyon manat çoxdur. Bu fərqi də qiymətləndirməmək mümkün deyil. Bu bizə ümid verir, düşünək ki, ölkənin siyasi rəhbərliyi Azərbaycanın ən ağrılı problemi olan Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə tam ciddiyyəti ilə yanaşır və bunun üçün var gücünü sərf edir. Nə qədər ki bu problem dövlətimizin ərazi bütövlüyü çərçivəsində həll edilməyib, hərbi xərclərin artırılmasının tərəfdarıyam.
Təhsil sahəsində çalışdığıma görə bu sahə ilə bağlı fikirlərimi qeyd etməliyəm. Ölkədə təhsilə xüsusi bir qayğı ilə yanaşılır. Büdcədən təhsilin maliyyələşməsi üçün 2007-ci ildə 734 milyon manat, 2008-ci ildə isə təxminən 974 milyon manat, yəni 240 milyon manat çox maliyyə vəsaiti nəzərdə tutulmuşdu ki, bu da çox diqqətəlayiq haldır. Lakin diqqətdən yayınan bir məsələni nəzərinizə çatdırmaq istəyirəm. Əslində, 974 milyon manat pul vəsaiti kənardan çox görünə bilər. Lakin nəzərə almaq lazımdır ki, insanlar ən çox təhsil sferasında çalışırlar. Dünənki müzakirədə də, komissiyaların birgə iclasında da təhsilə ayrılan xərclərin çox olması ilə bağlı iradlar səsləndi. Digər tərəfdən də qeyd olundu ki, Azərbaycanda təhsilin səviyyəsi çox aşağıdır. Mən qətiyyətlə deyə bilərəm ki, Azərbaycanda təhsilin keyfiyyəti lazımi səviyyədədir və bu istiqamətdə də islahatlar aparılır. Artıq Azərbaycanın ali təhsil sistemi Boloniya Konvensiyasına qoşulub və Avropaya inteqrasiya olacaqdır. “Təhsilin səviyyəsi aşağıdır” demək, bayaq dediyim kimi, 400 min nəfərə yaxın insana rəhbərlik edən və təhsilin başında dayanıb onun dövlət siyasətini həyata keçirən cənab nazirin əməyini yerə vurmaq kimi bir işdir.
İkinci bir məsələni qeyd eləmək istəyirəm. Hörmətli Samir müəllim, texniki ali məktəblərdə laboratoriya avadanlığı çoxdan həm mənəvi, həm də fiziki cəhətdən köhnəlmişdir. Yeni avadanlığın alınması nədənsə bu il də büdcədə nəzərdə tutulmamışdır. Sizdən xahiş edirəm ki, bu sualı cavablandırasınız.
Sonra, mən komissiyaların birgə iclasında təhsil, elm və texnika sahəsi ilə bağlı bir fikir söyləmişdim. Dünən deputat həmkarım da bu fikri burada səsləndirdi. Heydər Əliyev adına mükafatın təsis edilməsi və göstərilən sahələrdə dəyərli işçilərə verilməsi elmin, təhsilin və texnikanın inkişafına bir stimul yaratmış olardı.
Samir müəllim, bir məsələ ilə bağlı Sizə müraciət etmək istəyirəm. Son illərdə ali məktəb müəllimlərinin və digər kateqoriya müəllimlərin vəzifə maaşları artmışdır. Lakin ali məktəblərdə çalışanların elmi dərəcələrə görə aldıqları məvacib isə 5 il bundan qabaqkı səviyyədə qalmışdır. Əgər mümkünsə, həmin artmaların dərəcələrə də aid edilməsini Sizdən xahiş edirəm.
Belə bir arzu və təkliflə çıxış etmək istəyirəm. Amerika Birləşmiş Ştatlarında kəsirsiz büdcə keçən əsrin 60-cı illərində Prezident Eyzenhauenin hakimiyyəti illərində qəbul edilmişdir. Ümid edirəm ki, gələn il bizə təqdim edilən büdcə layihəsi profisitlə olacaqdır. Ümumilikdə götürüldükdə Azərbaycan Respublikasının dövlət büdcəsi son 4 ilə ildə təqribən 10 dəfə artmışdır. Bu da dünyada analoqu olmayan bir haldır. Büdcənin belə yüksək sürətlə artımı dövlətin qarşısında duran bütün taleyüklü məsələlərin həllinə gözəl şərait yaradır. Hesab edirəm ki, böyük həcmdə iş görülmüş, mükəmməl bir qanun layihəsi hazırlanıb təqdim edilmişdir. Mən də bu qanun layihəsinin qəbul edilməsini dəstəkləyirəm və onun lehinə səs verəcəyəm. Digər tərəfdən, həm Samir müəllimin, həm Elman müəllimin, həm də Heydər müəllimin dünənki çıxışları və məruzələri, doğrudan da, bir daha büdcə layihəsinin kamil bir sənəd olduğunu göstərdi və mən onlara da minnətdarlığımı bildirirəm. Hörmətli həmkarlarımı da bu qanun layihəsinin lehinə səs verməyə dəvət edirəm. Diqqətinizə görə minnətdaram.

Azərbaycan  Respublikası  Milli  Məclisi  Sədrinin
birinci  müavini  Z. Əsgərov  sədrlik  edir

Sədrlik edən. Çox sağ olun. Aydın Mirzəzadə.
A. Mirzəzadə. Çox sağ olun. Hesab edirəm ki, bu gün biz təkcə gələn il üçün dövlət büdcəsinin layihəsini müzakirə etmirik, eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin iqtisadi sahədəki 4 illik fəaliyyətinə qiymət vermiş oluruq. Bu da gördüyünüz kimi, görülmüş böyük işlərə verilən müsbət bir qiymətdən ibarətdir. İnkişafımız elə bir səviyyəyə çatmışdır ki, biz artıq özümüzü 1993-cü illə, 2000-ci illə, hətta 2002-ci illə belə müqayisə etmirik. Bizim müqayisəmiz, adətən, ötən illə, iki il bundan əvvəllə olur. Bu müqayisələr göstərir ki, cənab Prezidentin 4 il ərzində apardığı düşünülmüş və strateji bir siyasətin nəticəsində bir çox sahələrdə, ilk növbədə sosial-iqtisadi sahədə böyük irəliləyişlər əldə edilmişdir.
Dövlət büdcəsinin 4 il ərzində 10 dəfə artması – biz artıq bu fakta öyrəşmişik və diqqətimizi daim digər məsələlər cəlb edir. Orta əmək haqqı artmışdır, insanların güzəranı yaxşılaşmışdır, eyni zamanda, ordu quruculuğuna da diqqət yetirilmişdir. Əgər 4 il bundan qabaq Azərbaycanın hərbi büdcəsi cəmi 130 milyon dollar idisə, gələn il bu, 1 milyard 500 milyon dollar nəzərdə tutulur. Bu bizim büdcəmizin cəmi 13 faizini əhatə edir. Müqayisə üçün bildirim ki, Ermənistanın gələn ilə büdcəsi 2,5 milyard dollar, hərbi büdcəsi isə 530 milyon dollar nəzərdə tutulur. Bu isə Ermənistanın büdcəsinin 25 faizinin hərbiyə yönəldiyini və bunun militarist bir büdcə olduğunu bir daha göstərir.
Regionların sosial-iqtisadi inkişafında böyük nailiyyətlər əldə edilmişdir. Mən müqayisə apardım, bizə təqdim edilən 76 şəhər və rayonun illik büdcəsində cəmi 8 rayonun büdcəsi 10 milyon manatdan aşağıdır. Göründüyü kimi, vaxtı ilə bizim paytaxt üçün arzuladığımız 10 milyon manat artıq Bakıdan kifayət qədər uzaqda yerləşən əyalət rayonlarımız üçün adi bir hala çevrilmişdir. Bu gün blokada şəraitində yaşayan və Azərbaycanın dilbər guşəsi olan Naxçıvanın gələnilki büdcəsinin 260 milyon dollar nəzərdə tutulması, həmin regionun inkişafına, eyni zamanda, Azərbaycanın hər bir regionunun paytaxt səviyyəsində olmasına verilən bir diqqətdir.
Maraq xatirinə internet saytlarında bir məsələni axtardım və araşdırdım. Məlum oldu ki, işğal edilmiş torpaqlarımıza, – ora həm keçmiş Dağlıq Qarabağ Vilayəti, həm də 7 rayon daxildir, – 17 min kvadrat kilometr ərazi daxildir. Onların büdcəsi Naxçıvanın gələn il üçün nəzərdə tutulan illik büdcəsindən 4–5 dəfə aşağıdır. Naxçıvanın ərazisi isə cəmi 5 min kvadrat kilometrdir. Bunun özü göstərir ki, əgər Dağlıq Qarabağ Azərbaycanın tərkibində olsaydı, oranın da büdcəsi bu gün qat-qat yüksək səviyyədə ola bilərdi. Gələn il üçün nəzərdə tutulanlar kifayət qədər əsaslandırılıb və bu planların yerinə yetiriləcəyinə məndə heç bir şübhə yoxdur.
Bu gün Azərbaycanın elə bir regionu yoxdur ki, orada yeni müəssisələr açılmasın, yollar çəkilməsin, körpülər tikilməsin. Əgər biz vaxtı ilə regionlardan paytaxta işçi, əhali axınından danışırdıqsa, bu gün əksinə, paytaxtdan menecerlərin, texniki işçilərin region və əyalətlərdə açılmış müəssisələrdə, xidmət sahələrində və yeni tikiləcək obyektlərdə işləmək üçün getdiyinin şahidi oluruq. Bunun özü göstərir ki, artıq yeni bir inkişaf səviyyəsinə çatmışıq.
Yolların, körpülərin tikilməsi də artıq Azərbaycan üçün adi bir hala çevrilmişdir. Müqayisə üçün bildirim ki, vaxtı ilə Azərbaycana 23 il rəhbərlik edən Mircəfər Bağırovun vaxtında Bakıda cəmi bir körpü tikilibdir. El arasında ona “Bağırov körpüsü” deyirlər. Amma cənab Prezidentimizin 4 illik fəaliyyəti nəticəsində Bakıda 23 körpü və yeraltı keçid tikilmişdir. Bunun özü göstərir ki, artıq inkişafımızda yeni mərhələyə çatmışıq. Bütün bu görülən işlərə yüksək qiymət verirəm və hesab edirəm ki, büdcə layihəsi üzərində ciddi işlənilmişdir. Büdcənin qəbul edilməsi gələn il Azərbaycanın inkişafına, Azərbaycanın qarşısında duran bir sıra problemlərin, o cümlədən Dağlıq Qarabağ probleminin həll edilməsinə gətirib çıxaracaqdır.
Bununla belə, bir-iki məsələ ilə əlaqədar təkliflərimi vermək istərdim. İlk növbədə maliyyə naziri Samir müəllimə bir neçə təklif vermək istəyirəm. Birincisi, təklif edirəm ki, ipoteka kreditlərinə və sahibkarlığın inkişafına ayrılmış vəsait daha da artırılsın. Əhali arasında ipoteka siyasəti böyük populyarlıq qazandı, xüsusi ilə gənclər və aylıq gəlirləri aşağı olan təbəqələr ipoteka kreditindən geniş istifadə etməyə başladılar. Bu gün əhalinin mənzillə təmin edilməsində ipoteka kreditlərinin böyük əhəmiyyəti vardır. Bu baxımdan mən ipotekaya vəsait ayrılmasını çox vacib hesab edirəm. Dövlət tərəfindən sahibkarlığın inkişafına ayrılan vəsait də kifayət qədər yüksəkdir. Builkinə nisbətən gələn il üçün çox böyük rəqəm göstərilir. Amma bu rəqəmin daha da böyük olmasını təklif edirəm. Xüsusən də kiçik və orta sahibkarlığın – ticarət və xidmət sahələrinin, kiçik sexlərin inkişafına daha çox diqqət verilməlidir. Hər halda kiçik və orta sahibkarlığın inkişafı orta təbəqənin yaradılmasına, iş yerlərinin artırılmasına, eyni zamanda, büdcənin gəlir hissəsinin artmasına gətirib çıxaracaqdır.
Mən gələn il üçün hərbi büdcəmizdə nəzərdə tutulan artımın bir hissəsini zabitlər üçün mənzil tikintisinə yönəldilməsini təklif edirəm. Mənzillə təminatda, zabitlərin və müddətdən artıq qulluq edən hərbi qulluqçuların sosial problemlərinin həllində bu gün dövlətimiz çox böyük işlər görür. Amma bununla belə, qeyd etməliyik ki, bu gün gənc zabitlərin mənzilə böyük ehtiyacı vardır. Hərbi şəhərciklərin tikilməsi və yaxud zabitlər üçün hərbi kreditlərin verilməsi bu gün həlli vacib olan məsələlərdəndir. Mətbuat səhifələrində zabitlərin əmək haqqının vaxtaşırı artırılacağı barədə planlardan danışılması da bizləri sevindirir.
Mənim İqtisadi İnkişaf Nazirliyinə Mingəçevirlə bağlı bir təklifim var. Mingəçevir vaxtı ilə respublikanın inkişaf etmiş sənaye şəhərlərindən biri sayılırdı və Mingəçevirdə 10-a qədər iri sənaye müəssisəsi vardı. Orada 2 mindən 5 minə qədər işçi çalışırdı. Təəssüf ki, bu gün mülkiyyət formasının dəyişməsi və eyni zamanda, onların öz ənənəvi bazarlarını itirməsi bu müəssisələrin əksəriyyətinin dayanmasına səbəb olmuşdu. Bu gün Texniki rezin məmulatı zavodu, “Azərkabel” zavodu, şüşə zavodu, toxuculuq kombinatı kimi müəssisələrdə mövcud potensialın cəmi 15 faizindən istifadə edilir. Mən hörmətli Heydər Babayevdən ya həmin müəssisələrin özəlləşdirilməsinə, ya da ora investisiyaların cəlb edilməsi üçün layihələrin işlənməsinə dair müvafiq tapşırıqlar verməsini xahiş edərdim.
Sonda, deputat həmkarım Pənah Hüseynin çıxışına münasibət bildirmək istərdim. Mən bu məsələyə toxunmaq istəməzdim, amma Pənah müəllim özünün iqtisadi sahədə böyük bilikləri olduğunu göstərdi. Mən hiss etdim ki, müxalifət nümayəndələri də artıq iqtisadi biliklərə yiyələnməyə başlayıblar. Ancaq gətirdiyi nümunələr, təəssüf ki, uğursuz idi. Onun bu gün korrupsiyada, rüşvətdə və dövlət əmlakını mənimsəməkdə ittiham edilən keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevdən sitat gətirməsi və onun dediyinə əsaslanaraq digər dövlət orqanlarının fəaliyyətinə kölgə salmaq istəməsi məndə ancaq təəssüf doğurdu. O şəxs ki özəlləşdirilməni fərhadlaşdırma ilə əvəz eləmişdi, o şəxs ki özəlləşdirilən obyektlərin qiymətini qat-qat aşağı salmışdı, ondan sitat gətirilməsini mən başa düşə bilmədim. Bunun nəticəsində dövlət büdcəsi 100 milyon dollarla vəsait əldə edə bilmədi, sahibkarlar təbəqəsinin artmasına imkan verilmədi və Azərbaycanda korrupsiya ilk növbədə İqtisadi İnkişaf Nazirliyinə görə tanınmağa başladı. Bu şəxsin birdən-birə Azərbaycanın iqtisadi inkişaf potensialı barədə narahat olması, açığını deyim, məndə çox böyük şübhə doğurur. Onun Dövlət Gömrük Komitəsinə ləkə atmaq istəməsi də məndə böyük təəssüf doğurur. Dövlət Gömrük Komitəsi Azərbaycanın dövlət büdcəsinin gəlir hissəsinin artırılması üçün həmişə öz dəyərli töhfəsini vermişdir.
Digər tərəfdən, həm Pənah müəllim, həm də digər müxalifət nümayəndələri bildirdilər ki, indiki büdcə layihəsi onlarda böyük narahatçılıq doğurur. Onlar Azərbaycanın iqtisadi gələcəyinin acınacaqlı olacağını bildirirlər. Mən 7 ildir deputatam və 7 ildir müxalifət nümayəndələrindən bu çağırışı eşidirəm. Amma onların dediyinin əksinə olaraq Azərbaycan inkişaf edir. Ona görə inkişaf edir ki, Azərbaycanın strateji xətti düzgündür – bu, Heydər Əliyev yoludur. Bu gün Azərbaycana İlham Əliyev kimi çox güclü, bacarıqlı bir lider rəhbərlik edir. Kimin nə deməsindən asılı olmayaraq, bu liderin rəhbərliyi ilə Azərbaycan həmişə inkişaf edəcək, büdcəmiz artacaq, əhalinin sosial vəziyyəti yaxşılaşacaq, Azərbaycanın beynəlxalq aləmdə nüfuzu durmadan yüksələcəkdir. Diqqətinizə görə sağ olun.

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir

Sədrlik edən. Çox sağ olun. Məjlum Şükürovun əvəzinə Gülhüseyn Əhmədov çıxış edəcək. Buyurun. G. Əhmədov. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! 2008-ci il dövlət büdcəsi haqqında qanun layihəsindən və hökumət üzvlərinin dünənki çıxışından aydın olur ki, layihə böyük öndər Heydər Əliyev tərəfindən bizə miras qoyulmuş iqtisadi inkişaf konsepsiyasına uyğun olaraq sosial yönümlü, investisiya baxımlı və qeyri-neft sektorunun inkişaf istiqaməti əsas götürülməklə hazırlanmışdır. Büdcə layihəsi Prezident İlham Əliyevin iqtisadi inkişaf siyasətinin həyata keçirilməsini əsas götürərək xalqın rifah halının yaxşılaşdırılması, ölkənin hərbi qüdrətinin gücləndirilməsi, enerji təhlükəsizliyinin təmin edilməsi, infrastrukturun yenidən qurulması, abadlıq, quruculuq işlərinin davam etdirilməsi və ümumilikdə, iqtisadi proqramların həyata keçirilməsi istiqamətində yüksək səviyyədə hazırlanmışdır.
Büdcə proqnozlarından aydın olur ki, respublika iqtisadiyyatının artımı ilbəil davam edir. Bu iqtisadi artıma dünya birjalarında neftin qiymətinin artması da öz təsirini göstərir. Lakin ölkədə makroiqtisadi göstəricilər ilbəil inkişaf edir. Burada bəzi həmkarlarım neftlə əlaqədar müxtəlif fikirlər söylədilər. Bəzi deputatlar deyirlər ki, Neft Fonduna daxil olan vəsaitdən istifadə olunmasın, gələcək nəsillərə saxlansın, bəziləri də deyir ki, istifadə olunsun. Neft bu xalqın, bu millətindir. Vaxtı ilə böyük öndərimiz Heydər Əliyev bu siyasəti uğurla həyata keçirdiyi üçün bu gün belə bir vəsait Azərbaycana daxil olur. Neft Fondundan daxil olan vəsaitdən istifadə olunmalıdır, ancaq fikirləşmək lazım deyil ki, bu illər ərzində daxil olan vəsaitlə Azərbaycan cənnətə çevriləcək. Bu gün Azərbaycanda çox böyük işlər həyata keçirilir. Biz bu gün çox tələskənliyə yol verə bilmərik. Düzdür, cənab Prezident dəfələrlə deyib ki, qeyri-neft sektorunu, kənd təsərrüfatını inkişaf etdirmək lazımdır. Bir-iki il ərzində kənd təsərrüfatını inkişaf etdirmək olmaz, buna vaxt, illər lazımdır. Bunun üçün iqtisadi proqramlar həyata keçirilməlidir.
Azərbaycanın büdcəsi ilbəil artır. 10–12 il bundan əvvəllə müqayisə etsək, görərik ki, Azərbaycanın büdcəsi 10 dəfə artıb. Məgər bu azdırmı? MDB məkanında olan dövlətlərlə müqayisə aparsaq, görərik ki, bu gün Azərbaycanın büdcəsi çox sürətlə inkişaf edir. Burada Azərbaycanın Prezidenti cənab İlham Əliyevin rolunu xüsusi qeyd etməliyik. Ölkə həyatının bütün sahələrində genişmiqyaslı işlər həyata keçirilir ki, bu da xalq tərəfindən yüksək qiymətləndirilir. Gəlin, nəzər salaq. Təhsil, səhiyyə və nəqliyyat sahələrində görülən işlər yeni yolların, yeni körpülərin, enerji stansiyalarının tikintisi, meliorasiya işlərinin aparılması, kənd təsərrüfatına ayrılan yardımlar göz qabağındadır. Bunların hamısı xalq tərəfindən dəstəklənir. Bu il hansı sahəyə nəzər salsaq, görərik ki, xalqın həyat səviyyəsinin yüksəldilməsi və əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində böyük addımlar atılır. Bu baxımdan mən büdcə layihəsini bəyənirəm və ona müsbət səs verəcəyəm. Bununla bərabər, mən istəyirəm ki, öz təkliflərimi hökumət üzlərinin nəzərinə çatdıram. Bu gün səhiyyədə, təhsildə böyük işlər həyata keçirilir. Buna baxmayaraq, istərdim ki, seçildiyim bölgədə – Sabirabad, Saatlı, Kürdəmir rayonlarının hər bir kəndində tibb məntəqələri açılsın. Ona görə ki, bu gün insanlar müalicə olunmaq üçün rayon mərkəzinə gedirlər, 30–40 kilometr məsafə qət edirlər. İkinci xahişim yanacaq problemi ilə bağlıdır. Bizim aran rayonlarında odun problemi var və qış aylarında əhali çox çətinlik çəkir. Mən xahiş edirəm, hökumət üzvləri bu bölgədəki kəndlərin qazlaşdırılması məsələsinə diqqəti artırsınlar.
Dünən burada qeyd edildi, içməli su probleminin həll olunması üçün vəsait ayrılıb. Ancaq yaxşı olardı ki, bizim aran rayonlarına bu sahədə bir köməklik göstərilsin. Adlarını çəkmək istəmirəm, hamı bilir, oralarda kanal suyu içilir. Vəsait ayrılıb, bunu daha da tezləşdirmək olar.
Oqtay müəllim, mən bir məsələyə də toxunmaq istəyirəm. Biz hər ay rayonlarda bir kəndi o biri kənddən ayırıb inzibati ərazi vahidi yaradırıq. Bütün rayonlarda bu problem var. İstərdim ki, ayrılan kəndlər üçün inzibati binaların tikilməsinə xüsusi vəsait ayrılsın. Onların işləmək üçün oturmağa yerləri olmalıdır. Bu, ən vacib məsələlərdən biridir.
Sonda bir məsələyə də toxunmaq istəyirəm. Cənab Prezident dəfələrlə deyib ki, qeyri-neft sektorunu, kənd təsərrüfatını inkişaf etdirmək lazımdır. Bu sahədə də respublikamızda böyük işlər görülür. Kürdəmir, Ucar və Zərdab rayonlarında şoranlaşmış torpaqlar var. O torpaqlarda, demək olar ki, heç bir kənd təsərrüfatı məhsulunu becərmək olmur. Əhali xeyli çətinlik çəkir. Bu gün burada qeyd etdilər, bəzi rayonların qrunt sularından təmizlənməsi üçün böyük meliorasiya işləri aparılır. Bu günlərdə cənab Prezident Dəvəçi zonasında oldu. Ondan əvvəl Qəbələ zonasında olub. Böyük meliorasiya işləri həyata keçirilir. Ancaq yaxşı olardı ki, saydığım rayonlara da meliorasiya işlərinin görülməsi üçün investisiyalar ayrılsın. Sonda istərdim ki, bu sənədləri belə mükəmməl hazırladıqları üçün hökumət üzvlərinə, eləcə də Milli Məclisin İqtisadi siyasət daimi komissiyasına öz minnətdarlığımı bildirim. Bir daha həmkarlarımı büdcə layihəsinə müsbət səs verməyə çağırıram. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Siyavuş Novruzov.
S. Novruzov. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət nümayəndələri! Mən də deputat həmkarlarımın dedikləri fikirləri təsdiq edirəm və Azərbaycanın dövlət büdcəsinə səs verəcəyəm. Bu büdcə Azərbaycanda gedən iqtisadi islahatların, Prezidentimiz tərəfindən həyata keçirilən iqtisadi siyasətin bariz nümunəsidir. Büdcənin bir il ərzində 30–35 faiz artımı dünyanın heç bir ölkəsində görünməyən bir haldır. Bu, Azərbaycanda düzgün aparılan siyasətin bariz nümunəsidir.
Deputat həmkarlarım bu barədə ətraflı çıxış etdilər. Mən bu məsələlərə toxunmaq istəmirəm, amma bir neçə xüsusi məsələyə diqqət yönəltmək istəyirəm. Burada neftlə bağlı çox fikir söylənildi. Bir kəlmə ilə qeyd etmək istəyirəm ki, İraqın da nefti var, Sudanın da. Özbəkistanın və Türkmənistanın da qazı və digər sərvətləri var. Bu gün onların vəziyyətini Azərbaycan xalqı ilə müqayisə etmək olarmı? Qəti şəkildə yox. Neftin olması əsas şərt deyil. Söhbət ondan gedir ki, o neft hansı formada bu xalqın mənafelərinə xidmət edəcək? İraqın nefti bizimkindən keyfiyyətlidir, bizdən də daha asan yolla istehsal olunur. Sudanda heç neftin üzünü görməyiblər.
Heydər Əliyevin, Prezidentimizin apardığı siyasətin nəticəsidir ki, bu gün neft gəlirləri əhalinin mənafeyinə, sosial sahənin inkişafına, pensiyaçıların, müəllimlərin, həkimlərin əmək haqlarının artmasına xidmət edir. O danışanların dövrü olsaydı, hərə bir tərəfdən özünə boru çəkəcəkdi. Bəlkə də hərəsi özünü neft şirkətinin prezidenti elan etmişdi.
Bu gün stabil neft siyasəti həyata keçirilir və bunun nəticəsidir ki, Azərbaycanın büdcəsinə ayrı-ayrı sahələrdən də, neft sektorundan da gəlirlər daxil olur. Məgər bu gəliri yığıb kisədə saxlamalıyıq? Ondan istifadə olunmalıdır. Abadlıq işləri aparılır. Təbii ki, bərpa işləri tikinti işlərindən çox-çox bahadır. Ağlı başında olan adam yaxşı başa düşməlidir ki, XVI əsrdə və yaxud XX əsrdə tikilənlərin bərpasına və yeni tikilən binaya eyni xərc qoymaq mümkün deyil. Ona görə də müəyyən tələbat var, amma onlar da nəzarət altında həyata keçirilir.
Dünən həmkarım Qüdrət müəllim burada istehsal sahələrinin açılması ilə əlaqədar çıxış etdi və istədi ki, dərzilik etsin. Nizaminin bir kəlamı yadıma düşdü: “Kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan”. Siyasətdə yarımçıq olduqları kimi, iqtisadiyyatda da, görünür, dərzilikdə də yarımçıqdırlar. Hələ bunlar bu sahənin öhdəsindən gələ bilmirlər və öyrənə də bilmirlər. İki misal üzərində fikirlərimi quracağam. Bunu mən təkcə ölkə miqyasında götürmürəm, sadəcə olaraq, görülən işlər barəsində iki cəhəti demək istəyirəm. Qüdrət müəllimin ərazisindən qatarla keçmədik, amma deputat seçildiyi rayon haqqında deyə bilərəm ki, bu illər ərzində rayonda 4 mindən artıq iş yeri açılıb. Gips emalı zavodu, alçipan istehsalı zavodu, gips və karton zavodu, peç antenalarının istehsalı zavodu, plastik boru-məişət parketlərinin istehsalı zavodu, Türyançay üzərində qum, çınqıl istehsalı zavodu, kağız və salfet istehsalı müəssisəsi. Dəliməmmədlidə və Aşağı Alçuxa ərazisində yerləşən aqrotexniki servis – bunlar təkcə 1 il ərzində bir kənd rayonunda açılan istehsal müəssisələrinin sayıdır.
İkinci bir misal. Cənab Prezidentin son 20 gün ərzində iştirak etdiyi tədbirlərin sayına baxaq. Oktyabr ayının 17-də Naxçıvan Muxtar Respublikasında Naxçıvan Dövlət Universiteti Konservatoriyasının binasının, böyük bir xəstəxananın, 1400 nəfərlik məktəbin və İranla Azərbaycan arasında iqtisadi əlaqələri genişləndirmək üçün tikilən körpünün açılışı oldu. Ayın 23-də cənab Prezident Qobustan rayonunda olub və yenə müxtəlif obyektlərin, ticarət mərkəzlərinin açılışında iştirak edib.
Ayın 24-də isə cənab İlham Əliyev Yevlaxda 300 nəfərin çalışdığı “Gilan” dəri emalı zavodunun, 700 nəfər işçisi olan tikiş fabrikinin, 320 nəfər işçisi olan kərpic zavodunun, 70 nəfər işçisi olan çörəkbişirmə kombinatının açılışında iştirak edib. Bunlar son 20 gündə həyata keçirilən işlərdir.
Noyabr ayının 8-də cənab Prezidentin iştirakı ilə Dəvəçi rayonunda Taxtakörpü su anbarının və su-eletrik stansiyasının təməli qoyuldu. İki böyük su anbarı böyük bir ərazini su ilə təchiz edəcəkdir. Orada 25 meqavat gücündə su-elektrik stansiyası tikiləcəkdir. Bundan böyük iş göstəricisi ola bilər? Bəli, axırıncı müddətdə görülən işləri hesablasam, təbii ki, kəsilmiş lentlərdən həm Qüdrət Həsənquliyevə, həm də müxalifət liderlərinə nəinki kostyum, hava şəraitini nəzərə alıb palto və papaq da tikmək olar. Bir il müddətində Prezidentin Azərbaycanda açılışlarında iştirak etdiyi müəssisələrin sayı bu gün müxalifət partiyasına üzv olan insanların sayından çoxdur. Burada bayaq bir fikir söylənildi ki, seçki kampaniyası üçün Prezidentə fond ayrılır. Bu gün seçki keçirilsə, Azərbaycanda əhalinin 99 faizi İlham Əliyevə səs verəcəkdir. İlham Əliyevin hansı reklama ehtiyacı var? İlham Əliyevin reklamı onun gördüyü işlərdir ki, onun da 20 gününü təxminən mən sizə təqdim etdim. Danışanda məntiqlə danışın, məsələyə düzgün yanaşın. Transferlərdən danışılır. Büdcəyə 1 milyard 100 milyon manat pul transfer olunur. Dövlət Gömrük Komitəsi büdcəyə ondan 2 dəfə artıq pul köçürür. Biz o məsələni neftin üzərində qurmamışıq. Əgər sənədə baxsanız, görərsiniz ki, Dövlət Gömrük Komitəsindən köçürülən pulun miqdarı ondan daha artıqdır.
Bu gün Azərbaycanda böyük abadlıq işləri gedir. Həmkarım Aydın Mirzəzadə qeyd etdi, körpülər tikilir, müasir standartlara uyğun yollar çəkilir. “Bağırov körpüsü” indi tikilən körpünün heç bir qanadı boyda deyil. Rayonlarımızda, kəndlərimizdə abadlıq işləri aparılır, məktəblər, məişət obyektləri tikilir. Bunları görməmək korluqdur.
Pənah Hüseyn həmişə kriminal elementlərdən misal gətirir. Sənin misal gətirdiyin Fərhad Əliyev vaxtı ilə iclaslarda çıxış edərkən Azərbaycanın ən yüksək iqtisadi göstəricilərindən danışırdı. Heç bir dünya ölkəsinin bizdəki inkişafa çatmamasından danışırdı. Oğurluq etdi, barəsində hökm çıxarıldı. İndi başlayıb altı-beş danışmağa. Kimsə cinayət törədirsə, onun hər hansı bir ifadəsi ümumi fakt ola bilməz. Bu gün fakt Azərbaycanın dövlət büdcəsidir ki, bütün sahələrdə 35 faiz inkişaf var. Çayxanalardan kimsə hesablama aparıb və yaxud Müsavatda Qubad İbadoğlu hərəsinə bir çıxış yazıb verib ki, gəlib burada danışsınlar. Bilirsiniz ki, makroiqtisadi və mikroiqtisadi sistem nədir, ümumi daxili məhsul nədir? Elə danışırsınız. Mən bu işin içindəyəm, bu sahədə fəaliyyət göstərirəm. Mən başqalarının çıxışları haqqında danışmıram, öz sözümü deyirəm.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, iclasın gedişatına mane olmayın.
S. Novruzov. Ona görə də bildiyiniz şeydən danışın. Mənim çıxışımı heç kim yoza bilməz.
Sədrlik edən. Çox sağ olun. Arzu Səmədbəyli, çıxışınızda hökuməti tənqid də etdiniz, təhqir də, amma Sizə bir söz deyən olmadı. O, təhqir etmir, fikrini deyir. Xahiş edirəm, başqasının sözünü kəsməyin.
S. Novruzov. Mənim vaxtıma müdaxilə etdilər. Xahiş edirəm, 2 dəqiqə əlavə vaxt verəsiniz.
Sədrlik edən. Xahiş edirəm, çıxışınızı yekunlaşdırın.
S. Novruzov. Oqtay müəllim, danışanda gərək fakt əsasında danışsınlar. Kiminsə söhbətinə əsasən gəlib Milli Məclisdə Azərbaycan dövləti və hökuməti haqqında nalayiq fikirlər söyləməsinlər. Bu büdcə Azərbaycan xalqının, Azərbaycan əhalisinin mənafeyinə xidmət edir. Mən bütün həmkarlarımı büdcəyə səs verməyə çağırıram. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Səfər Məmmədov.
S. Məmmədov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət nümayəndələri! Öncə bildirmək istəyirəm ki, mən də bu büdcə layihəsi ilə yaxından tanış olmuşam. Büdcə layihəsinə qara yaxmaq, ona səs verməmək ən azı ədalətsizlik olardı. Bütün sahələrdə inkişaf var, göz qabağındadır. Bütün sahələrə büdcədən əlavə vəsait ayrılıb, bunu danmaq olmaz. Bu, rəqəmlərlə görünən şeylərdir. Çıxış etmək istədiyim məsələ barəsində hörmətli həmkarım Eldar İbrahimov çox geniş məlumat verdi.
Mən də kənd rayonundan olduğum üçün təkliflərimi hökumət nümayəndələrinə çatdırmaq istəyirəm. Birinci növbədə istəyərdik ki, kənd təsərrüfatına, əsasən də meliorasiya sahəsinə ayrılan vəsait mümkün qədər artırılsın. Bu gün rayonlara gedənlər torpaqların hansı şəraitə düşdüyünün şahidi olurlar. Statistika göstərir ki, ölkədə taxıl və pambıq əkini sahələri getdikcə azalır. Bu o demək deyil ki, əhali torpağı əkmək istəmir və ondan uzaq düşür. Əslində, elə deyil. Bəzi yerlərdə torpaqlar artıq istənilən məhsulu vermədiyi üçün əkinçilər heyvandarlığa meyil göstərirlər.
Mən adi bir misal deyim. Bu yaxınlarda rayon icra hakimiyyətinin başçısı ilə bir həftəlik müşahidələr apardıq, nəzarətçilər qoyduq. Yalnız Beyləqan rayonunda bazar günləri 4 min baş xırdabuynuzlu, 500 başdan yuxarı iribuynuzlu mal-qara satılır. Bu gün xalqın adından yekə-yekə danışanlar xalqın içində olsunlar, onun dolanışığından xəbərdar olduqdan sonra danışsınlar. Bu gün hökumətin verdiyi pensiyanı əksəriyyət qəbul etmək istəmir. Bunu satanların hamısı sıravi kəndlilərdir, burada heç bir monopoliya yoxdur. Kənd rayonudur, hamı yaşayır, hamı işləyir, hamı özü üçün qazanc yeri tapır. Ölkəni bu qədər pis şəkildə təhlil etmək, dövlətin gördüyü bu qədər işlərə qara yaxmaq ən azı ədalətsizlikdir. Ona görə də istərdik ki, meliorasiya avadanlıqlarının alınmasına vəsait bir az artırılsın.
Sonra, Nazirlər Kabinetinin qərarı ilə bir sıra rayonlarda dövlət təsərrüfatı saxlanılıb. Bu gün dövlət təsərrüfatı, demək olar ki, özünü doğrultmur. Biz xahiş edərdik, ya bu dövlət təsərrüfatına vəsait ayrılsın ki, bunlar öz fəhlələrini, mütəxəssislərini əmək haqqı ilə təmin edə bilsinlər, ya da islahata verilsin ki, onu alanlar torpaqlarına sahib çıxsınlar. Bu sahədə çoxlu şikayətlər var. Yəqin ki, Kənd Təsərrüfatı Nazirliyinə də, Milli Məclisə də, başqa aidiyyəti orqanlara da çoxlu şikayətlər daxil olub. Yaxşı olar ki, hökumət nümayəndələri bu barədə fikirləşsinlər.
Üçüncü deyəcəyim məsələ qazla bağlıdır. Artıq iki ildir ki, beyləqanlılar Əlixan Məlikovun yalan vədlərini eşidirlər. Cənab Prezidentin göstərişi var idi ki, 2007-ci ilin sonuna qədər Beyləqan rayonu qazlaşdırılsın. Azərbaycanda yeganə rayondur ki, orada qaz yoxdur. Hətta rayon mərkəzində belə qaz yoxdur. Xocavənd rayonu da bütün strukturu ilə bərabər bu rayonda məskunlaşıb, əlavə 17 min qaçqını var. Sərhəd bölgəsidir, burada heç bir meşə fondu və başqa yanacaq növü yoxdur. Qış aylarında işıq da fasilələrlə verilir. Əhalinin hansı çətinliklərlə üzləşdiyini təhlil etməyə artıq ehtiyac qalmır. Çox xahiş edirik ki, heç olmasa, bu il rayon mərkəzinə qaz çəkilsin.
Sonra, biz bu gün Azərbaycanın yolları ilə fəxr edirik və çox rahat gedib-gəlirik. Bu yollara çəkilən xərci, əziyyəti itirmək olmaz. Mən buna görə hörmətli nəqliyyat naziri Ziya müəllimə və hörmətli deputatımız Cavid müəllimə təşəkkürümü bildirirəm. Ancaq onlardan beyləqanlıların bir xahişi var. Bəhramtəpə–Beyləqan yolu çox bərbad vəziyyətdədir. Yəqin ki, bizim bəzi millət vəkilləri də bu yoldan istifadə ediblər. Bu yolun elə yerləri var ki, qış aylarında görünmür. Yəqin ki, maliyyə vəsaitinə görə burada əsaslı tikinti aparmaq çətindir, amma çox xahiş edərdik ki, bu yolu, heç olmasa, qismən də olsa, təmir etsinlər.
Yenə deyirəm, bu rayonlar sərhəd bölgəsidir, burada çoxlu insan, imkanı olmayan gənclər yaşayırlar. Bu rayonlara ipoteka krediti ayrılmalıdır ki, bu gənclər, heç olmasa, özlərinin mənzil şəraitini müəyyən dərəcədə yaxşılaşdıra bilsinlər. Mən çıxışımın sonunda büdcə layihəsinin hazırlanmasında xidməti olan hər bir insana öz təşəkkürümü bildirirəm və bu layihənin lehinə səs verəcəyəm. Bütün millət vəkillərini də bu sənədin lehinə səs verməyə çağırıram. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. İsa Həbibbəyli. Xahiş edirəm, çıxışınızı bir az qısa edin.
İ. Həbibbəyli. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda aparılan genişmiqyaslı, dövlət səviyyəli tədbirlər Azərbaycanın həm paytaxtında, həm də regionlarında, hətta mənim təmsil olunduğum Naxçıvan Muxtar Respublikasında da siyasi opponentlərin dediyi kimi, nəinki geriləməyə, əksinə, sadəcə, inkişafa yox, böyük intibaha səbəb olmuşdur. XX əsr boyu cəmi 2 körpünü – uzunu 15–20 metr olan “Bağırov körpüsü”nü əhalimizin təbirincə desək, “Qaqarin mostu”nu görmüş xalqımızın gözü qarşısında həcmi bir neçə kilometrlərlə ölçülən böyük və möhtəşəm körpülərin salınması, hətta iki ölkəni belə birləşdirən Şahtaxtı–Poldəst körpüsünün istifadəyə verilməsi İlham Əliyev iqtidarının gücünün fərqli və üstün cəhətlərini aydın şəkildə nümayiş etdirir. Mən düşünürəm ki, bu körpülər də müstəqil Azərbaycan tarixinə İlham Əliyev körpüləri kimi daxil olacaqdır.
Eyni məntiqlə bu sıraya Azərbaycanda son illərdə böyük sürətlə davam etdirilən məktəb tikintisi hərəkatını, böyük infrastruktur layihələrinin həyata keçirilməsini, hətta Bakı–Tbilisi–Qars dəmir yolunun çəkilişini də aid etmək mümkündür. Ümumiyyətlə, bu gün Azərbaycanda bütün sahələr üzrə böyük sürətlə gedən inkişaf İlham Əliyevin prezidentliyinin dördüncü ilinin çox möhtəşəm, aydın, əyani, şəffaf bir hesabatı kimi də mühüm əhəmiyyətə malikdir.
2008-ci ilin büdcə layihəsinin təhlili aydın surətdə göstərir ki, qarşıdakı illərdə müstəqil Azərbaycan daha böyük addımlarla irəliləyəcəkdir. Builki büdcə layihəsi əhalimizin sosial rifah halının yüksəlməsinə, o cümlədən böyük investisiya layihələrinin həyata keçirilməsinə tam şəkildə təminat verir.
Mən milli təhsil sahəsinə büdcədən ayrılan vəsaitlərin builki qədər üstün olmasını da çox məntiqli və yerində hesab edirəm. Mən hesab edirəm ki, milli təhsilə bu il büdcədə bir qədər üstün vəsait ayrılması bu ilə qədər Azərbaycanda təhsil islahatları sahəsində həyata keçirilən işlərə və məktəb tikintisi sahəsində aparılan böyük quruculuq prosesinə möhtərəm Prezidentin bəslədiyi inamın və verdiyi qiymətin ifadəsidir.
Bununla belə, hesab edirəm ki, artan büdcəmiz, ölkəmizin artan imkanları müəllimlərin və alimlərin əmək haqlarının nəzərəçarpacaq səviyyədə artırılmasına da diqqət yetirməyi tələb edir. Mən aspirantların və dissertantların təqaüdlərinin artırılmasını da vacib hesab edirəm.
Mən burada Naxçıvan Muxtar Respublikasının dotasiya hesabına yaşaması haqqında deyilən fikirlərlə də qətiyyən razı deyiləm. Mən siyasi opponentlərimizin nəzərinə çatdırmaq istəyirəm ki, çətin, ağır, sözdə yox, gerçək həyatda böyük məhrumiyyətlər içində, blokada şəraitində yaşayan bu bölgənin iki şəhəri – Naxçıvan və Şərur subsidiyasız şəhər, yəni dövlətdən dotasiya almadan yaşamaq hüququ qazanan şəhərlər kimi fəaliyyət göstərirlər.
2008-ci ilin büdcəsi əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş uzun illər boyu davam edən iqtisadi siyasətin, aparılan genişmiqyaslı islahatların real bəhrələridir. Büdcəmizin qısa müddətdə indiki böyük həcmə gəlib çatması isə Azərbaycan Prezidentinin idarəçilik səriştəsinin, dövlətçilik bacarığının, islahatçılıq məharətinin təbii, çox məntiqli yekunudur. Məncə, burada siyasi opponentlərimizin dediyi kimi, heç də İlham Əliyev qarşıdakı Prezident seçkilərinə Azərbaycan büdcəsi ilə getmir, əksinə, ölkə daxilində, ölkə xaricində Azərbaycan naminə gördüyü böyük işlərlə, Azərbaycan xalqının qarşısında qazandığı böyük inam və etibarla gedir. Məncə, bu gün hər bir kəs bütün dünya qarşısında inkişaf edən Azərbaycan üçün deyə bilər ki, alın a, yana-yana qalın a, bu, müstəqil Azərbaycandır, bu, Heydər Əliyev siyasətidir, bu, İlham Əliyev siyasətinin təntənəsidir. Builki büdcə bundan da yüksək səviyyədə yaşamağa imkan verir. Mən Azərbaycan xalqının milli maraqlarına, müstəqil dövlətçiliyimizin maraqlarına xidmət edən bu büdcəni yüksək qiymətləndirirəm, ona səs verəcəyəm. Sağ olun.
Sədrlik edən. Çox sağ olun, İsa müəllim. Hörmətli millət vəkilləri! Dünən və bu gün müzakirədə 42 millət vəkili iştirak etdi. Həm mövqelər, həm də təkliflər aydındır. Mən təklif edirəm ki, sabah günün birinci yarısında müzakirəni davam etdirək. Əgər lazım gələrsə, hökumət üzvləri də suallara cavab verə bilərlər.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Çox sağ olun. O məsələni sabah qəbul edə bilərik. Həqiqətən, mövqelər məlumdur. Hökumət üzvləri ya sabah suallara cavab verərlər, ya da biz bu məsələlərə baxmaq üçün hökumətə 10 gün vaxt verəcəyik. Biz də növbəti məsələlərin müzakirəsinə başlayarıq, çünki bizim gündəlikdə sosial sahələrlə bağlı qanun layihələri var. Sabah gündəliyə bir də baxarıq, müzakirələri davam etdirərik. Sabaha qədər tənəffüs elan olunur. Sağ olun.

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi