AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI

Avropa Parlamentinin
2012-ci il 24 may tarixli qətnaməsi ilə əlaqədar

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI

       Avropa Parlamentinin “İnsan hüquqları, demokratiya və hüququn aliliyinin pozulmasına dair” 2012-ci il 24 may tarixli qətnaməsi Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təəssüf və narahatlıqla qarşılanmışdır. Azərbaycanda insan hüquqlarının və azadlıqlarının müdafiəsi sahəsində heç bir fövqəladə hadisə baş vermədiyi halda belə bir məsələnin Avropa Parlamentinin gündəliyinə təcili məsələ kimi daxil edilməsi və qətnamənin 56 deputatın iştirakı ilə qəbul edilməsi Avropa Parlamenti ilə Azərbaycan arasında konstruktiv əməkdaşlığın ruhuna zidd  olan  addım  kimi qiymətləndirilməlidir.
       Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən, xüsusən Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ölkəmiz insan hüquqlarına və azadlıqlarına hörmətə əsaslanan hüquqi dövlət quruculuğu yolunu şüurlu surətdə və qəti olaraq seçmişdir. Bu yolda qarşıya çıxan çoxsaylı maneələrə, təzyiqlərə və təhdidlərə baxmayaraq, Azərbaycan demokratik dəyərlərə sadiqdir, Avropaya inteqrasiya siyasətini əzmlə davam etdirir.
       Azərbaycanın ardıcıl irəliləyişi, xüsusən son illərdə əldə etdiyi nailiyyətlər, dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına çıxması, müstəqil xarici siyasət yeridən bir dövlət kimi böyük nüfuz qazanması, BMT Təhlükəsizlik Şurasının üzvü seçilməsi,  ölkədə hüquqi, demokratik, dünyəvi dövlət quruculuğunun geniş vüsət alması, əsaslı siyasi islahatların  həyata keçirilməsi, qanunun aliliyinin təmin edilməsi, xalqın rifahının gündən-günə yaxşılaşması və digər uğurlar Azərbaycanın Avropaya inteqrasiyasına mane olmaq istəyən qüvvələr arasında həyəcan və narazılıq doğurmuşdur. Bunu son vaxtlar ölkəmizə qarşı hücumların xeyli intensivləşməsi də sübut edir. Azərbaycanın demokratik imicinə zərbə vurmaq niyyəti ilə bir sıra ölkələrin mətbuat orqanlarında sifarişli yazılar dərc edilir, müxtəlif siyasi güclərin təsiri altında olan beynəlxalq qeyri-hökumət təşkilatları obyektivlikdən uzaq  bəyanatlar verir, islamofobiya mövqeyində duran qüvvələr qərəzli çıxışlar edirlər.
       Gənc demokratik ölkə kimi Azərbaycan mövcud problemləri həll etməkdədir, demokratiyanı daha da genişləndirmək, qanunun aliliyini, insan hüquqlarının və azadlıqlarının qorunmasını təmin etmək üçün məqsədyönlü iş aparır. Bu sahədə müxtəlif Avropa qurumları ilə mütəmadi əməkdaşlıq həyata keçirilir.
Azərbaycan Avronest Parlament Assambleyasının təsisçilərindən və fəal üzvlərindən biridir. Bu ideya irəli sürülərkən elə düşünülürdü ki, bütün mübahisəli məsələlər ilk növbədə həmin qurumun müzakirəsinə veriləcək və bu təşkilat Avropa Parlamenti ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında yeni bir əməkdaşlıq mühitinin formalaşmasına töhfə verəcəkdir.  Lakin nə Avronest Parlament  Assambleyasında, nə də Avropa İttifaqı–Azərbaycan Parlament Əməkdaşlığı Komitəsində heç bir müzakirə aparılmadan birdən-birə Avropa Parlamenti tərəfindən bu cür qətnamənin qəbul edilməsi gözlənilən bu əməkdaşlığın perspektivini şübhə altına alır.
       Qərbdə, o cümlədən Avropa İttifaqında və onun parlament məclisində erməni lobbisinin təsiri altında olan kifayət qədər qruplar mövcuddur. Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində beynəlxalq hüquq Azərbaycanın tərəfində olduğundan bu məsələdə heç bir nəticə əldə edə bilməyən həmin qruplar münaqişənin həllini uzatmaq, ədalətli qərarın qəbuluna mane olmaq üçün dünya birliyinin gözündə Azərbaycanı qeyri-demokratik dövlət kimi göstərməyə və beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır. Əslində bu qüvvələri insan hüquqları və azadlıqları məsələsi az narahat edir. Belə olmasaydı, Avropa Parlamentində insan hüquqları və azadlıqları sahəsində vəziyyətin son dərəcə gərgin olduğu Ermənistan barəsində məsələ qaldırılardı. Avropa Parlamenti Azərbaycan əleyhinə işləyən qüvvələrin yedəyində getdiyinin, onların təsiri altında hərəkət etdiyinin və nəticə etibarı ilə məsələlərə birtərəfli yanaşdığının fərqində olmalıdır.
       Qəbul  edilmiş son qətnamə ikitərəfli münasibətlərin konstruktiv məcrada inkişafına heç bir fayda gətirmir. Avropa Parlamentinin bu qətnaməsi Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində həyata keçirilən layihələrin perspektivinə, regional əməkdaşlıq və inteqrasiya prosesinə ciddi zərbə vurur.
       Azərbaycan Respublikasının Milli Məclisi insan hüquqlarının və azadlıqlarının qorunması, qanunun aliliyinin təmin edilməsi məqsədlərini rəhbər tutduğunu bir daha bəyan edərək, Avropa Parlamentinin adı çəkilən  qətnaməsində “Azərbaycanın Avropa Qonşuluq Siyasətində və Şərq Tərəfdaşlığında fəal iştirak etdiyinin və sözü gedən bu iki təşəbbüsün təməl dəyərləri olan demokratiya, insan hüquqları və qanunun aliliyi prinsiplərinə sadiq olduğunun” qeyd edildiyini nəzərə alaraq, qərara alır:
       1. Avropa Parlamentinin “İnsan hüquqları, demokratiya və hüququn aliliyinin pozulmasına dair” 2012-ci il 24 may tarixli qətnaməsi Azərbaycana qarşı yönəlmiş ədalətsiz və qərəzli bir akt kimi qiymətləndirilsin.
       2. Avropa Parlamentinin nəzərinə çatdırılsın ki, Azərbaycan Respublikasında insan hüquqlarının və azadlıqlarının qorunması, qanunun aliliyinin təmin edilməsi sahəsində vəziyyətin ikili standartlar əsasında qeyri-obyektiv şəkildə qiymətləndirilməsi yolverilməzdir.
       3. Azərbaycan Respublikası Milli Məclisinin Aparatına tapşırılsın ki, bu qərarın Avropa Parlamentinin deputatlarına, xüsusən məlum qətnamənin qəbulunda iştirak etməmiş deputatlara göndərilməsini təmin etsin.


29 may 2012-ci il

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi