05.03.2019 Tarixinə olan hesabat

 

AZƏRBAYCAN  RESPUBLİKASININ
İNSAN  HÜQUQLARI  ÜZRƏ  MÜVƏKKİLİ
(OMBUDSMAN)


Azərbaycanda
insan hüquqlarının və azadlıqlarının
təmin edilməsi və müdafiəsinin vəziyyəti
haqqında


Azərbaycan Respublikasının
İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın)

2018-ci il üzrə illik məruzəsi

 

 

Ö n    s ö z

 

Məruzənin əsas məqsədi Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2018-ci ildə ölkəmizdə insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmini vəziyyətinin öyrənilməsi və təhlili, pozulmuş hüquqların bərpası və pozulmasının qarşısının alınması üzrə fəaliyyəti haqqında məlumatların verilməsindən ibarətdir.

Məruzə ərizələrin, şikayətlərin və təkliflərin, həmçinin Müvəkkil və onun tapşırığına əsasən, aparatın və regional mərkəzlərin əməkdaşları, Milli Preventiv Qrupun üzvləri tərəfindən cəzaçəkmə müəssisələrinə, istintaq təcridxanalarına, müvəqqəti saxlama yerlərinə, qanunsuz miqrantların saxlanılma mərkəzlərinə, hərbi hissələrə, uşaqlar, pensiya yaşına çatmış, habelə əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrinə, internatlara, habelə səhiyyə və təhsil müəssisələrinə başçəkmələrin, yerlərdə, o cümlədən məcburi köçkünlərin məskunlaşdıqları qəsəbələrdə görüşlər və aparılmış araşdırmalar zamanı aşkar edilmiş müxtəlif halların, problem və çətinliklərin, eyni zamanda dövlət orqanlarının və vəzifəli şəxslərin rəsmi cavablarının, dövlət qurumlarına təqdim edilmiş təklif və tövsiyələrin, insan hüquqları üzrə milli və beynəlxalq seminar və konfransların materiallarının, qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində görülmüş işlərin, kütləvi informasiya vasitələrində verilmiş məlumatların ümumiləşdirilmiş təhlili əsasında hazırlanmışdır.

İllik məruzədə Müvəkkilin mülki və siyasi, iqtisadi, sosial və mədəni hüquqların, habelə müxtəlif əhali qruplarının hüquq və azadlıqlarının müdafiəsi sahəsindəki fəaliyyəti, həmçinin insan hüquqları üzrə maarifləndirmə istiqamətində həyata keçirilmiş tədbirləri, elmi-analitik sahədə fəaliyyəti, ictimaiyyətlə və kütləvi informasiya vasitələri ilə əlaqələri, beynəlxalq əməkdaşlıq məsələləri, eyni zamanda insan hüquqlarının səmərəli təmin edilməsinə, əhalinin müxtəlif qruplarının problemlərinin həllinə yönəlmiş təklif və tövsiyələri öz əksini tapmışdır.

«Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında» Azərbaycan Respublikası Konstitusiya Qanununun 14-cü maddəsinə əsasən, illik məruzə Azərbaycan Respublikasının Prezidentinə təqdim edilmək, Azərbaycan Respublikasının Milli Məclisi qarşısında məruzə ilə çıxış etmək, həmçinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə, Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş prokuroruna göndərilmək üçün hazırlanmışdır.

İllik məruzə, eyni zamanda geniş ictimaiyyətə təqdim edilməsi məqsədilə kütləvi informasiya vasitələrində də dərc olunur.

Müvəkkilin bu məruzəsi ölkəmizdə insan hüquqlarının və azadlıqlarının təmin edilməsi vəziyyəti barədə Sizdə müəyyən təsəvvür yaradacaqdır.

Dəyərli fikirləriniz və tövsiyələriniz gələcəkdə Müvəkkilin ölkəmizdə insan hüquqlarının və azadlıqlarının təmin edilməsi üzrə işinin təkmilləşdirilməsinə yardımçı olardı.


Elmira Süleymanova

Azərbaycan Respublikasının
İnsan Hüquqları üzrə Müvəkkili
(Ombudsman)

Giriş

İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsini ali məqsəd kimi qarşıya qoymuş dövlətimiz xalqın və hər bir vətəndaşın sosial rifahının yüksəldilməsi üzrə tədbirlər görür.
Ölkəmizdə xalqın rifah halının daha da yaxşılaşmasına, o cümlədən sosial infrastruktur layihələrinin uğurla icra olunmasına, dövlət qurumları tərəfindən vəzifələrin əməli şəkildə yerinə yetirilməsinə, bürokratik əngəllərin getdikcə azaldılmasına, dövlət və vətəndaş cəmiyyəti arasında münasibətlərin möhkəmlənməsinə yönəlmiş tədbirlər görülmüş, dövlətlə vətəndaş arasındakı etimad dialoqu yeni müstəviyə keçmişdir.
2018-ci il Prezident seçkilərində İlham Əliyevin böyük səs çoxluğu ilə təkrarən Azərbaycan Respublikasının Prezidenti seçilməsi respublikamızın bundan sonra da qətiyyətlə davamlı inkişaf yolu ilə irəliləməsini təmin etməkdədir.
Ölkə Prezidentinin və Birinci vitse-prezident Mehriban xanımın bölgələrə silsilə səfərləri, yerli ictimaiyyətlə yaxından ünsiyyəti, problemlərlə yerində tanış olması, ölkənin şəhər və rayonlarında çoxsaylı yeni və ən müasir avadanlıqla təchiz edilmiş sənaye, enerji, kənd təsərrüfatı, habelə təhsil, səhiyyə və sosial obyektlərin açılışında şəxsən iştirak etmələri əhali, o cümlədən Qarabağ müharibəsi əlilləri, şəhid və məcburi köçkün ailələri ilə səmimi görüşləri böyük məmnuniyyətlə qarşılanmışdır.
Mövcud siyasi sabitlik yeni layihələrin reallaşdırılmasına, maliyyə vəsaitlərinin cəlb edilməsinə, islahatların uğurla həyata keçirilməsinə şərait yaratmışdır.
İnsan hüquqlarına, habelə qanunun aliliyinə hörmətin artması, vətəndaş cəmiyyətinin qərarqəbuletmə prosesinə cəlb edilməsi, hər bir vətəndaşa müxtəlif sahələrdə bərabər imkanların yaradılması və hüquq bərabərliyinin təmin edilməsi, dövlət idarəçilik sistemində aparılan böyük islahatlar, o cümlədən idarəetmənin təkmilləşdirilməsi, müasir inkişafın tələblərinə cavab verən kadr dəyişiklikləri və yüksək vəzifələrə yeni kadrların təyin olunması böyük əhəmiyyət kəsb edir. Bu baxımdan, dövlət orqanlarının fəaliyyətində səmərəliliyin artırılması məqsədilə ölkə Prezidenti tərəfindən “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın təsdiq edilməsi də dövlət-vətəndaş münasibətlərinin müasir çağırışlara uyğun formalaşmasında növbəti mühüm addımdır.
Ümummilli liderin humanizm siyasətinə sadiq qalaraq, məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması cəzadan azad olunan həmin şəxslərin cəmiyyətə və ailələrinə qovuşaraq dövlətimizin inkişafı yolunda fəaliyyət göstərəcəklərinə inamın, insanların azadlıq hüququna hörmətin ifadəsidir.
Sosial-iqtisadi həyatın bütün sahələrində qanunçuluğun və şəffaflığın təmin olunması məqsədilə ictimai nəzarət genişlənməkdə, haqsız rəqabətə, inhisarçılığa və korrupsiyaya qarşı mübarizə isə daha da güclənməkdədir.
Dərin islahatlar ili olan 2018-ci ildən sosial problemlərin həllinə yönəlmiş fərman və sərəncamlar, xüsusən 2019-cu ilin əvvəllərində ölkə Prezidentinin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilmiş, inqilabi islahatların əsası qoyulan müşavirədə verdiyi bir çox tapşırıqlar, o cümlədən problemli kreditlərin həlli əhalinin bütün qruplarını əhatə etməklə dövlətin ali məqsədi olan insan və vətəndaş hüquqlarının və azadlıqlarının, vətəndaşlara layiqli həyat səviyyəsinin təmininə xidmət edir. Həmin qərarlar həm şamil olunan əhali sayı, həm də nəzərdə tutulmuş büdcə vəsaitlərinin həcminə görə xüsusilə fərqlənir ki, bu da 3 milyona yaxın insanın, dövlət büdcəsindən 2 milyarddan artıq vəsait ayrılmaqla sosial problemlərinin həllini təmin edəcəkdir.
Dövlət tərəfindən istər siyasi, istərsə də hüquqi və sosial-iqtisadi sahədə həyata keçirilən tədbirlərin, o cümlədən müvəffəqiyyətlə yerinə yetirilmiş regionların sosial-iqtisadi inkişafına dair üçüncü dövlət proqramının ölkədə insan hüquqlarının etibarlı qorunmasında və səmərəli təmin edilməsində mühüm əhəmiyyəti olmuşdur.
Kompleks şəkildə aparılmış islahatlar çərçivəsində məşğulluq, əmək, sosial müdafiə və təminat sahələrində göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə “DOST” mərkəzlərinin yaradılması, minimum aylıq əməkhaqqı məbləğinin ölkə üzrə adambaşına yaşayış minimumunun məbləğinə çatdırılması, sosial müavinətlərin və əmək pensiyasının minimum məbləğinin artırılması sosial problemlərin həllində və əhalinin rifah halının yüksəlməsində, on minlərlə insanın əməkhaqqının artırılması ilə müşayiət olunmaqla, insan hüquq və azadlıqlarının etibarlı təmin edilməsində böyük dönüş yaratmışdır.
Qeyri-neft sektorunun inkişafı, dövlət tərəfindən güzəştli kreditlərin ayrılması nəticəsində yeni istehsal sahələrinin və xidmət müəssisələrinin yaradılması, müasir çağırışlara uyğun olaraq, sənayenin getdikcə modernləşdirilməsi daimi iş yerlərinin açılmasında və məşğulluğun təmin edilməsində mühüm rol oynamışdır.
Belə ki, dövlət büdcəsi dəfələrlə artmış, müxtəlif sahələrdə aparılan dərin islahatlar insan hüquqlarının daha səmərəli təmin edilməsində geniş imkanlar açmış, 2018-ci ildə 118 min yeni iş yeri yaradılmış, işsizlik səviyyəsi 5 faizədək, yoxsulluq səviyyəsi 4,9 faizədək azalmış, vergi qanunvericiliyi təkmilləşdirilmiş, sahibkarların fəaliyyəti stimullaşdırılmış, qeyri-neft sektorunun inkişafı sürətləndirilmiş, əhali qruplarına ünvanlanmış sosial dəstək proqramlarının icrası davam etdirilmişdir.
Yeri gəlmişkən, “Doing Business 2019” hesabatında biznesə yaradılan şəraitə görə Azərbaycanın mövqeyi 190 ölkə arasında 57-ci yerdən 25-ci yerə yüksəlmiş, beləliklə, respublikamız dünyanın bir çox ölkələrini geridə qoyaraq MDB ölkələri arasında lider mövqeyə sahib olmuşdur.
Qayğıya daha çox ehtiyacı olan əhalinin kövrək qruplarının, xüsusilə şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin, habelə Əfqanıstanda beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan hərbi qulluqçuların ailələrinin sosial müdafiəsinin gücləndirilməsi və onlara dövlət qayğısının artırılması üzrə tədbirlər həyata keçirilmişdir.
Əhalinin müxtəlif kənd təsərrüfatı məhsullarına tələbatının ödənilməsi, kənd əhalisinin məşğulluğunun və maddi rifahının yüksəldilməsi məqsədi ilə  ayrı-ayrı sahələrin inkişafına dair dövlət proqramları təsdiq edilmiş, aqrar sahənin texniki təminatının gücləndirilməsi üzrə tədbirlər görülmüşdür.
İnsan hüquqlarının etibarlı müdafiəsi, habelə səmərəli təmin olunması üçün zəruri şəraitin yaradılması mühüm amildir. İl ərzində insan hüquqlarının təmin edilməsində böyük əhəmiyyətə malik sosialyönümlü infrastruktur layihələri yerinə yetirilmiş, yeni ümumtəhsil məktəbləri və məktəbəqədər təhsil müəssisələri tikilmiş və ya əsaslı təmir etilmiş, xəstəxana və ambulatoriyalar, müalicə-diaqnostika mərkəzləri, olimpiya-idman kompleksləri, əlil, şəhid ailələri və məcburi köçkünlər üçün binalar, “ASAN xidmət” mərkəzləri tikilib istifadəyə verilmiş, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Ailə Biznesinə Asan Dəstək - "ABAD", Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində “Şəbəkə”, Kənd Təsərrüfatı Nazirliyi yanında “DAİM” - dövlət aqrar inkişaf mərkəzləri və İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və onun KOB evləri, həmçinin əmlakla bağlı bütün xidmətlərin vahid məkandan həyata keçirilməsi üçün Əmlak Xidmətləri Məkanı yaradılmış, qəzalı vəziyyətdə olan çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə yeni yaşayış binalarının tikilməsi və ya əsaslı təmiri, habelə dam örtüklərinin dəyişdirilməsi təmin olunmuş, tarix-mədəniyyət abidələri bərpa edilmiş, təbiət qoruqları yenidən qurulmuşdur.
Qeyd edilənlərlə yanaşı, məhəllədaxili və binadaxili su təchizatı sistemlərinin yenidən qurulması və məişət su sayğaclarının quraşdırılması, əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması, yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı tədbirlər görülmüş, genişmiqyaslı abadlıq-quruculuq işləri aparılmış, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə Bakı şəhərində avtobus parkının davamlı olaraq yenilənmiş, şəhərətrafı dəmir yolu xətləri yenidən qurulmuş və dəmir yolu şəbəkəsi təkmilləşdirilmiş, Bakı-Qəbələ dəmir yolu xəttinin tikintisi davam etdirilmiş, Bakı-Sumqayıt və Bakı-Gəncə sürət qatarları istifadəyə verilmişdir.
Müxtəlif təyinatlı avtomobil yollarının salınması və ya yenidən qurularaq istifadəyə verilməsi əhalinin təhlükəsizliyi və rahatlığı ilə yanaşı, onların sərbəst və maneəsiz hərəkətinin təmin edilməsinə imkan vermişdir. Odur ki, Dünya İqtisadi Forumunun “Qlobal Rəqabətlilik Hesabatı”na əsasən, dünyanın 140 ölkəsi arasında yol infrastrukturunun keyfiyyəti indeksi üzrə Azərbaycanın 34-cü yerdə qərarlaşmaqla, postsovet məkanında lider ölkə olması heç də təsadüf deyildir.
Ölkəmizin də əsas iştirakçısı olduğu Cənub Qaz Dəhlizinin və onun tərkib hissəsi olan Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) işə salınması, Ələtdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin fəaliyyətə başlaması, SOCAR-a məxsus “Star” neft emalı zavodunun açılışı, sayca üçüncü olan Azərspace-2” peykinin orbitə buraxılması, turizm, qida, neft və qaz, energetika və alternativ enerji, nəqliyyat, tranzit və logistika üzrə beynəlxalq sərgi və konfransların keçirilməsi də sosial-iqtisadi inkişafın tərkib hissəsi kimi xüsusi əhəmiyyət kəsb edir.
İlin mühüm hadisələrindən biri kimi ölkə Prezidentinin gərgin səyləri ilə ərsəyə gələn, Xəzər dənizinin hüquqi statusu haqqında konvensiya imzalanmışdır.
2018-ci ildə respublikamızda keçirilmiş, insan hüquq və azadlıqlarının inkişafına, hüquq mədəniyyətinin yüksəlməsinə mühüm təsir göstərən, böyük ictimai və siyasi əhəmiyyətə malik beynəlxalq səviyyəli, habelə kütləvi xarakterə malik tədbirlər, o cümlədən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi çərçivəsində, habelə 1918-ci il azərbaycanlıların soyqırımının yüzüncü ildönümünə həsr olunmuş silsilə tədbirlər, Azərbaycan Milli Ordusunun və Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş paradlar, Qoşulmama Hərəkatının nazirlər toplantısı, VI Bakı Beynəlxalq Humanitar Forumu, Formula 1 Azərbaycan Qran Pri yarışı, bir-birinin ardınca idmanın müxtəlif növləri üzrə beynəlxalq yarışlar ölkəmizin beynəlxalq aləmdə nüfuzunun və müsbət imicinin daha da möhkəmlənməsi baxımından böyük əhəmiyyət daşımışdır.
İnsan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi, o cümlədən onların səmərəli təmin edilməsi, pozulmuş hüquqların bərpası və pozulmasının qarşısının alınması istiqamətində Müvəkkilin dövlət qurumları ilə əməkdaşlığı sahəsində də əhəmiyyətli irəliləyişlər əldə edilmişdir.
Müvəkkil fəaliyyət göstərdiyi müddətdə malik olduğu imkanlardan geniş istifadə etməklə insan və vətəndaş hüquqlarının və azadlıqlarının məhkəmədənkənar müdafiəsi və pozulmuş hüquqların bərpası məqsədi ilə davamlı silsilə tədbirlər həyata keçirmişdir.
Azərbaycan Respublikasının Konstitusiyasında və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş, dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxslər tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi və insan hüquqları pozuntularının qarşısının alınması məqsədilə Müvəkkil öz səlahiyyətləri çərçivəsində dövlət qurumları, vətəndaş cəmiyyəti institutları, beynəlxalq təşkilatlar və xaricdəki həmkarları ilə əməkdaşlıqda fəaliyyət göstərmişdir.
Digər dövlət orqanlarının səlahiyyətlərini məhdudlaşdırmadan və onları əvəz etmədən, mövcud hüquq müdafiə vasitələrini tamamlayan Müvəkkil bu müddət ərzində öz fəaliyyətini müstəqillik, aşkarlıq, şəffaflıq, qanunçuluq, ədalət və qərəzsizlik prinsipləri əsasında həyata keçirmişdir.
Bakı şəhərində və regionlarda daim insan hüquqlarının təmin edilməsinin monitorinqi aparılmış, vətəndaşların üzləşdikləri problem və çətinliklər, onların yaranması səbəbləri araşdırılmış, aidiyyəti dövlət qurumlarına müraciətlər edilmiş, həlli istiqamətində müvafiq təkliflər irəli sürülmüş, tövsiyələr verilmiş,  tədbirlər görülmüş, bir çox hallarda pozulmuş hüquqların bərpasına nail olunmuş, ərizəçilərə onların hüquq və azadlıqları, vəzifələri izah edilmiş, münaqişələrin həllinə yönəlmiş məsləhətlər verilmişdir.
Cəmiyyətdə vasitəçilik ənənəsinin yeni formada bərqərar edilməsi məqsədi ilə Müvəkkil idarəetmənin sadələşdirilməsinə, vətəndaşların dövlət orqanlarına müraciətlərinin cavablandırılmasına, məmurların öz səlahiyyətlərindən sui-istifadə etmə hallarının qarşısının alınmasına, onlarla düzgün davranmasına, aşkarlığa əməl etməklə və qərəzsiz yanaşmaqla problemlərinin həllinə yardımçı olmuşdur.
Ölkənin müxtəlif bölgələrində yaşayan əhalinin Müvəkkilə müraciətlərinin asanlaşdırılması üçün 35 ətraf rayonu əhatə edən Quba, Şəki, Cəlilabad və Gəncə regional mərkəzləri, 24 saat fəaliyyət göstərən hüquq puzuntuları ilə bağlı məlumatı qəbul edən qaynar xətt, habelə 916 nömrəli «Uşaq hüquqları üzrə qaynar xətti» fəaliyyətini davam etdirmişdir.
Müvəkkilin fəaliyyəti dövründə onun ünvanına ümumilikdə 187.350, 2018-ci ildə isə 20.400 müraciət daxil olmuşdur. Həmin müraciətlərin 66,8 %-i şikayətlərdən, 33,2 %-i isə ərizələrdən ibarət olmuşdur.
İnsanlar öz müraciətlərini Müvəkkilə müxtəlif vasitələrlə, o cümlədən poçt və elektron poçtu, online-müraciət qaydasında, aparatın qəbul otağı, regional mərkəzlər, qaynar xətlər vasitəsilə, həmçinin Müvəkkilin və əməkdaşlarının respublikanın müxtəlif şəhər və rayonlarında, o cümlədən məcburi köçkünlərin məskunlaşdıqları qəsəbələrdə əhali ilə görüşləri, cəzaçəkmə müəssisələrinə, istintaq təcridxanalarına, müvəqqəti saxlama yerlərinə, hərbi hissələrə, uşaqlar, pensiya yaşına çatmış, habelə əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrinə, internatlara, səhiyyə, təhsil və əhalinin sosial müdafiəsi müəssisələrinə başçəkmələri zamanı təqdim etmiş, həmin müraciətlər icraata qəbul edilərək araşdırılmış və müvafiq qaydada cavablandırılmışdır.
Şikayətlərin Müvəkkilin səlahiyyətlərinə aid olmaması, ərizəçinin hüquqlarının pozulduğu gündən bir ildən çox müddət keçməsi, anonim olması, şikayətlə bağlı məhkəmə icraatının getməsi, təkrar təqdim edilmiş şikayətdə yeni məlumatlar, faktlar və sübutların olmaması səbəbindən onların 55 %-nin baxılmasından imtina edilmişdir. Şikayətlərin 45%-i baxılmaq üçün icraata qəbul edilmiş, bunların da 63,5 %-i təmin olunmuşdur.
Müvəkkil cəmiyyətdə vətəndaşların öz hüquqlarının müdafiəsinin forma və üsullarının daha yaxşı dərk edilməsinə yardım edən hüquq mədəniyyətinin yüksəldilməsinə, habelə hüquqi biliklərin yayılmasına və artırılmasına xidmət edən, o cümlədən insan hüquqları üzrə aylıqlar çərçivəsində geniş maarifləndirmə tədbirləri həyata keçirmişdir.
Azərbaycan Respublikası Prezidentinin seçkilərində Müvəkkil və təsisatın əməkdaşları seçki hüququnun təmin edilməsi vəziyyətinin yerində öyrənilməsi məqsədilə müşahidəçi qismində iştirak etmişlər. Bu məqsədlə Mərkəzi Seçki Komissiyası ilə birlikdə Bakı şəhərində və respublikanın bölgələrində müvafiq dövlət qurumlarının, o cümlədən yerli icra hakimiyyəti və polis orqanlarının, dairə və məntəqə seçki komissiyalarının, vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin iştirakı ilə əhali qrupları arasında seçicilərin hüquq mədəniyyətinin yüksəldilməsi, habelə səsvermənin demokratik, azad və şəffaf keçirilməsinə xidmət edən silsilə tədbirlər təşkil edilmişdir.
«18 iyun - Azərbaycan Respublikasında İnsan hüquqları günü» ərəfəsində bütün ölkə boyu «İnsan hüquqları aylığı»na həsr olunmuş tədbirlər keçirilmişdir. Bu tədbirlərdə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın (MFP) icrası, təbliği və tətbiqi vəziyyətinin öyrənilməsinə də geniş yer verilmişdir.
Müvəkkil tərəfindən BMT-nin ölkəmizdəki nümayəndəliyi, üzvü olduğu UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının dəstəyi ilə 2018-ci il 20-21 iyun tarixlərində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illiyi və Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsinin 70 illiyinə həsr olunmuş “Hüquq bərabərliyinin təmin olunmasında və təşviqində milli insan hüquqları təsisatlarının rolu” mövzusunda ənənəvi olaraq Ombudsmanların XV Bakı Beynəlxalq Konfransı keçirilmiş, Bakı Bəyannaməsi qəbul edilmişdir.
Cəmiyyətdə sülh mədəniyyətinin təbliği məqsədilə elan edilmiş «Sülh aylığı» çərçivəsində təsisatın nümayəndələri tərəfindən müxtəlif dövlət qurumlarının əməkdaşları üçün maarifləndirici məruzələr oxunmuş, vətəndaş cəmiyyəti institutları cəlb edilməklə tədbirlər təşkil edilmiş, televiziya və radio kanallarında sülh və insan hüquqlarına həsr edilmiş proqramlar yayımlanmış, məqalə və məlumatlar dərc edilmişdir.
Müvəkkilin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə Dənizkənarı Milli Parkda keçirilmiş, Beynəlxalq Sülh Gününə həsr olunmuş tədbirdə əlilliyi olan şəxslərin əl işlərindən ibarət sərgi təşkil edilmiş, onların sülh mövzusunda yaratdıqları incəsənət nümunələrinə və tematik əyləncə güşələrinə baxış olmuşdur.
«Uşaq hüquqları aylığı» çərçivəsində ölkənin şəhər və rayonlarında regional mərkəzlərin, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin iştirakı ilə orta məktəblərdə və uşaq müəssisələrində müsabiqə və sərgilər təşkil olunmuş, «Uşaq hüquqları üzrə Pilləli Tədris Proqramı»nı müvəffəqiyyətlə bitirmiş şagirdlərə sertifikatlar təqdim edilmişdir.
Dövlət qurumlarının və vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə müntəzəm olaraq birgə məsləhətləşmələr keçirilmiş, nəticədə Müvəkkilin tövsiyələri təqdim edilmiş, əksəriyyətinin icrasına nail olunmuşdur.
BMT və onun ixtisaslaşmış bölmələri, o cümlədən İnsan Hüquqları üzrə Ali Komissarlıq, Avropa İttifaqı, Avropa Şurası, ATƏT, Beynəlxalq Qırmızı Xaç Komitəsi, Beynəlxalq və Avropa Ombudsmanlar institutları, Asiya Ombudsmanlar Assosiasiyası və digər beynəlxalq hökumətlərarası və qeyri-hökumət təşkilatları ilə səmərəli əməkdaşlıq davam etdirilmişdir.
İl ərzində müxtəlif vaxtlarda təsisatda xarici ölkələrin və beynəlxalq qurumların rəsmi nümayəndələri, o cümlədən Rusiya, Hindistan, Niderland və Finlandiyanın səfirləri, ABŞ səfirliyinin siyasi işlər üzrə müşavirini, Kanadanın ölkəmizdə akkreditə olunmuş səfirliyinin siyasi məsələlər üzrə ikinci katibi, Beynəlxalq Miqrasiya Təşkilatının Vyanadakı Cənub-Şərqi Avropa, Şərqi Avropa və Mərkəzi Asiyanı əhatə edən Regional ofisinin nümayəndəsi və bu təşkilatın ölkəmizdəki missiyasının rəhbəri, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) və UNICEF-in Azərbaycandakı nümayəndələri, Avropa Şurasının Avropa Sosial Xartiyası şöbəsinin rəhbəri, həmin şuranın Media və İnternet Bölməsinin əməkdaşlıq şöbəsinin rəhbəri və bu qurumun ölkəmizdəki ofisinin rəhbəri, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqazdakı ofisinin İnsan hüquqları üzrə baş müşaviri və Ali Komissarlığın Azərbaycan ofisinin rəhbəri, həmçinin İsveçrə Əməkdaşlıq Ofisinin Cənubi Qafqaz üzrə regional direktorunun müavini qəbul edilmiş, ölkəmizdə insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi məsələləri üzrə qarşılıqlı fikir mübadilələri aparılmış, bu sahədə beynəlxalq və mövcud milli təcrübə, habelə əməkdaşlıq perspektivləri müzakirə edilmişdir.
Təsisatın beynəlxalq əlaqələr sahəsində həyata keçirdiyi fəaliyyət də əhəmiyyətli olmuşdur. Müvəkkil və əməkdaşları 2018-ci ildə müxtəlif beynəlxalq tədbirlərdə iştirak etmiş, geniş fikir və təcrübə mübadiləsi aparmışlar.
Müvəkkil iştirakçısı olduğu beynəlxalq tədbirlərdə həyata keçirdiyi geniş fəaliyyətlə yanaşı, Azərbaycan həqiqətlərini, xüsusilə də ölkədə insan və vətəndaş hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsi və etibarlı müdafiəsi ilə bağlı dövlət tərəfindən həyata keçirilən və davam etməkdə olan tədbirlərin əhəmiyyətini, əldə edilmiş nəticələri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmışdır. Həmin tədbirlərdə Müvəkkil dünya birliyinə, mötəbər beynəlxalq qurumlara və həmkarlarına müraciət edərək, Azərbaycana qarşı aparılan uzunmüddətli erməni təcavüzünə, kütləvi şəkildə insan hüquqlarının pozulmasına, eyni zamanda davamlı olaraq dünya ictimaiyyətini çaşdıran saxtakarlıqlara son qoyulması məqsədilə qətiyyətli səylər göstərməyə və Azərbaycanın haqq işinə dəstək verməyə, beynəlxalq qurumları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həlli, Ermənistan silahlı qüvvələrinin işğal olmuş Azərbaycan torpaqlarından çıxarılması, Azərbaycanın BMT və dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyünün bərpa edilməsi, qaçqınların və məcburi köçkünlərin öz doğma yurdlarına qaytarılması, uzun illərdən bəri pozulmuş hüquqlarının bərpası və təmini, sülh şəraitində birgə yaşayışın bərpasına dair dinləmələr keçirməyə, konkret tədbirlər görməyə çağırmışdır.
BMT-nin İnsan Hüquqları Şurasının Məsləhət Komitəsinin 21-ci sessiyasında Müvəkkil ölkəmizin etnik təmizləmə siyasətindən əziyyət çəkdiyini vurğulamış, 20 faizdən artıq torpaqlarımızın işğalı nəticəsində öz doğma yurdlarından didərgin düşmüş, qaçqın və məcburi köçkün həyatı yaşayan bir milyondan çox soydaşımızın hüquqları və onların təmin olunması məsələsinin, qaçqın və məcburi köçkün probleminin ölkəmiz üçün prioritet olduğunu qeyd etmiş, Durban Bəyannaməsi və Fəaliyyət Proqramının prinsiplərinin etnik təmizləmə məsələləri də əhatə edilməklə həyata keçirilməsi ilə bağlı təkliflərini vermiş, multikultural dəyərlər əsasında sivilizasiyalar arasında səmərəli və effektiv dialoqun təşkilində Azərbaycan təcrübəsi olan “Bakı Prosesi”nin əhəmiyyətini diqqətə çatdırmışdır.
Milli İnsan Hüquqları Təsisatlarının Qlobal Alyansının Baş Assambleyasında Müvəkkil Milli İnsan Hüquqları Təsisatlarının Qlobal Alyansının, Avropa Milli İnsan Hüquqları Təsisatları Şəbəkəsinin, habelə Amerika, Avropa və Asiya regionlarında, o cümlədən Türkiyə və Orta Asiyada fəaliyyət göstərən milli insan hüquqları təsisatlarının təmsilçiləri ilə də fikir mübadiləsi keçirmiş, respublikamızda insan hüquqlarının müdafiəsi ilə bağlı görülmüş işlər barədə geniş məlumat vermişdir.
Asiya Ombudsmanlar Assosiasiyasının Direktorlar Şurasının 2018-ci il 30 oktyabr tarixində Bakı şəhərində keçirilmiş 21-ci iclasında həmin assosiasiyanın vitse-prezidenti olan Müvəkkilin təklifi ilə digər məsələlərlə yanaşı, Dayanıqlı İnkişaf Məqsədlərində təsbit olunmuş 10-cu məqsəd üzrə “Ölkədaxili və ölkələrarası bərabərsizliyi azaltmaq” mövzusu üzrə də müzakirələr aparılmış və müvafiq qərarlar qəbul edilmişdir. Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində Azərbaycanın milli və beynəlxalq səviyyədə maraqlı tərəflərlə sıx əməkdaşlığa əsaslanan uğurlu fəaliyyətini həmin məqsədlərin həyata keçirilməsi üçün nümunə kimi təqdim edən Müvəkkil öz çıxışında dövlətlərin gələcək fəaliyyətinin sıx tərəfdaşlıq əsasında qurulmasının vacibliyini bildirmişdir.
Dövlət səviyyəsində həyata keçirilən bir sıra plan və proqramların icrasını, habelə monitorinqini aparan Müvəkkil öz tövsiyələrini vermiş, onları insan hüquq və azadlıqlarının təmin edilməsi baxımından dəyərləndirmiş, qanunvericiliyin təkmilləşdirilməsi və bir sıra proqram layihələrinin hazırlanması prosesində iştirak etmiş, səlahiyyətli dövlət qurumlarına insan və vətəndaş hüquq və azadlıqlarının pozulması halları barədə müxtəlif məlumatlar və problemlərin həlli yollarına dair tövsiyələrlə müraciətlər etmiş, habelə insan hüquq və azadlıqlarının, o cümlədən Dayanıqlı İnkişaf Məqsədləri və “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasının müddəaları da nəzərə alınmaqla, vətəndaşların, o cümlədən əhalinin qayğıya daha çox ehtiyacı olan qruplarının hüquqlarının daha səmərəli təmin edilməsi və etibarlı müdafiəsi ilə bağlı təkliflərini göndərmişdir.

I fəsil.

İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının
müdafiəsi sahəsində fəaliyyət

1.1. Mülki və siyasi hüquqların müdafiəsi

Azadlıq hüququ. Bu hüququn daha etibarlı qorunması məqsədilə dövlət orqanlarında müraciətlərə baxılması və problemlərin vaxtında həlli üzrə tədbirlər davam etdirilmiş, eyni zamanda insanların maneəsiz və sərbəst hərəkəti təmin edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzlərinin operativlik, şəffaflıq və rahatlıq prinsipləri əsasında çevik və nizamlı fəaliyyəti mövcud sahədə müraciətlərin vaxtında həll edilməsində böyük əhəmiyyət daşıyır.
Belə ki, 200-dən artıq xidmət göstərən, 27 milyonuncu müraciəti qeydə alan həmin xidmətin mərkəzləri tərəfindən şəxsiyyət vəsiqələrinin və ümumvətəndaş pasportlarının verilməsi, habelə yaşayış yeri üzrə qeydiyyat məsələləri vaxtında təmin edilməkdədir. Qeyd edilənlər yerli polis orqanlarında da qanunla müəyyən edilmiş qaydada həyata keçirilməkdədir.
Müvafiq məsələlərlə bağlı Müvəkkilin ünvanına yalnız 73 müraciət daxil olmuş, aparılmış araşdırmalar nəticəsində vətəndaşların hüquqları təmin edilmişdir.
Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli, 3 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin 2.12-ci maddəsinə əsasən, müvafiq sənədin üzərində Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun fotoşəkil yerləşdirilir. Həmin təşkilatın pasport şəkli ilə bağlı qaydalarında üzü bağlamamaq şərti ilə baş örtüyü ilə fotoşəkilə icazə verilir. Buna baxmayaraq, baş örtüyü ilə fotoşəkil çəkdirməyə icazə verilməməsi halları olmuşdur.
Müvəkkilin müdaxiləsi nəticəsində bir sıra hallarda vətəndaşların ölkədən çıxmasına qoyulan məhdudiyyətlər aradan qaldırılmışdır.
Bir sıra vətəndaşların üzləşdikləri problemlərin aradan qaldırılması və onların öz hüquqlarından yetərincə istifadə etməsinə şərait yaradılması məqsədilə yeni salınmış yaşayış massivlərinə ünvanların verilməsi məsələsinin sürətləndirilməsi həlli vacib olan məsələlərdəndir.
Müvəkkil ölkə ərazisində yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, habelə başqa ölkələrdə müvəqqəti olan və hüquqları pozulmuş Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarının müdafiəsinə də diqqətlə yanaşmış, bir sıra müraciətlər üzrə görülmüş tədbirlər nəticəsində pozulmuş hüquqlar bərpa edilmişdir.
Yeri gəlmişkən, ölkəmizin Bakı, Gəncə, Qəbələ və Lənkəran beynəlxalq hava limanlarında “ASAN Viza” sistemi vasitəsilə elektron vizaların rəsmiləşdirilməsi də əcnəbi və vətəndaşlığı olmayan şəxslərin azad və sərbəst hərəkət hüququnun daha səmərəli təmin edilməsinə xidmət edir.

Müvəqqəti saxlama yerlərində və istintaq təcridxanalarında saxlanılan şəxslərin hüquqları. Şəxsin azadlığı onun şəxsi toxunulmazlığı ilə sıx bağlıdır. Azadlıq və şəxsi toxunulmazlıq müvafiq məhkəmə qərarı olmadan həbsin və həbsdə saxlamanın yolverilməzliyini özündə ehtiva edir.
Müvəkkil, habelə onun tapşırığına əsasən, aparatın əməkdaşları tərəfindən il ərzində həbs yerlərinə - Daxili İşlər Nazirliyinin şəhər və rayon polis idarə, şöbə və bölmələrinin, habelə həmin nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müvəqqəti saxlama yerlərinə, İnzibati həbs olunanların saxlama məntəqəsinə, Dövlət Təhlükəsizliyi Xidmətinin Müvəqqəti Saxlama Yeri və İstintaq Təcridxanasına, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin istintaq təcridxanalarına müntəzəm olaraq çoxsaylı başçəkmələr keçirilmişdir.
Müvafiq həbs yerlərində, o cümlədən müvəqqəti saxlama yerlərində və istintaq təcridxanalarında saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilmiş, söhbətlər aparılmış, kameralara baxış keçirilmiş, onların saxlanma şəraiti və xidmət əməkdaşlarının onlarla rəftarı, vəkilə və tibbi yardıma çıxış imkanları, ərzaq təminatı, gəzinti, görüş, telefon danışıqları, tutulmuş və həbs olunmuş şəxs qismində digər hüquqlarının təmini, habelə saxlanılmanın qanuniliyini təsdiq edən sənədləşmə araşdırılmışdır.
Belə şəxslər, bir qayda olaraq, müvəqqəti saxlama yeri və istintaq təcridxanasında saxlanıldıqları müddət ərzində onlara qarşı insan ləyaqətini alçaldan kobud rəftara yol verilmədiyini, saxlanma şəraitindən, həmçinin həbs yerləri əməkdaşlarının onlarla rəftarından şikayətlərinin olmadığını, bəzi saxlanılan şəxslər isə istintaqın gedişindən narazı olduqlarını qeyd etmişlər.
Qəbul edilmiş şəxslərə onların hüquqları, müvafiq qanunvericiliyin tələbləri, Müvəkkilin səlahiyyətləri izah olunmuş, fərdi qaydada dinlənilən zaman bu saxlanılan şəxslər tərəfindən barələrində aparılan istintaqla bağlı qaldırılan məsələlər üzrə onlara hüquqi məsləhətlər verilmiş, bir sıra müraciətlər yerində təmin edilmiş və ya aidiyyəti qurumlara müraciətlər edilmişdir. Başçəkmələrin yekununda isə həbs yerlərinin rəhbərliyi ilə müəssisədə həyata keçirilən işlər üzrə müzakirələr aparılmış, milli və beynəlxalq qanunvericiliyə uyğun tövsiyələr verilmişdir.
Ölkənin bütün şəhər və rayonlarının polis idarə, şöbə və bölmələrində, penitensiar müəssisələrdə, saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərdə Müvəkkilin 24 saat fəaliyyət göstərən iki “qaynar xətti” barədə məlumatlar monitorinq edilmiş və olmayan yerlərdə asılması təmin edilmişdır.
Plana uyğun olaraq həyata keçirilən başçəkmələrlə yanaşı, müxtəlif şəxslər tərəfindən ünvanlanmış, o cümlədən şikayətlərdə öz əksini tapmış, habelə qəbulda olarkən verilmiş və qaynar xətlər vasitəsilə çatdırılmış məlumatlar əsasında da müvəqqəti saxlama yerlərinə, istintaq təcridxanalarına çoxsaylı başçəkmələr keçirilmişdir. Həmin qaynar xətt saxlanılan şəxslər, onların ailə üzvləri, vəkilləri ilə əməkdaşlığın əsas vasitələrindən olmaqla, əks əlaqənin yaradılmasına, təkrar müraciətlərə, qəbul edilmiş şəxslərin müdafiəsini təmin etməyə, onları narahat edən problemlərin diqqətə çatdırılmasına imkan verir. Nəticə etibarilə, insan hüquqlarının pozulmasının qarşısı alınmış, aşkar edildiyi hallarda isə bərpası istiqamətində təxirəsalınmaz tədbirlər görülmüş, eyni zamanda kütləvi informasiya vasitələrində mütəmadi olaraq məlumatlar verilmişdir.
Polisə gətirilmiş və müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərə inzibati binalarda yerləşdirilən lövhələr vasitəsilə Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş hüquq və azadlıqları, habelə beynəlxalq normalar və Daxili İşlər Nazirliyinin bu sahədə fəaliyyətini tənzimləyən normativ sənədləri əsasında hazırlanmış hüquq və vəzifələri ilə tanış olmaq imkanı yaradılmışdır.
Başçəkmələr zamanı aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması, habelə qanunamüvafiq tədbirlərin həyata keçirilməsi ilə bağlı irad və təkliflərlə müvafiq polis idarə və şöbələrinin rəislərinə, zəruri hallarda Azərbaycan Respublikasının Baş prokuroruna, habelə daxili işlər və ya ədliyyə nazirlərinə müraciətlər edilmiş, aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması üzrə tədbirlər görülmüşdür.
Başçəkmələrin nəticəsi olaraq, Müvəkkilin tövsiyələri nəzərə alınmaqla çoxsaylı müvəqqəti saxlama yerləri müasir standartlara uyğun yenidən qurulmuş, həmin yerlər dindirmə, görüş, ibadət və digər köməkçi otaqlarla, həmçinin müasir həyəcan və mühafizə siqnalizasiya sistemi ilə təchiz edilmiş, orada xidmətin aparılmasına və saxlanılan şəxslərin davranışına nəzarəti gücləndirmək məqsədi ilə video nəzarət cihazları quraşdırılmış, xidmətdə olan əməkdaşlara və kameralarda həmin şəxslərin davranışına nəzarət gücləndirilmiş, saxlanma şəraiti müasir tələblərə uyğun olaraq təkmilləşdirilmişdir.
Qeyd edilənlərlə yanaşı, Müvəkkilin ünvanına daxil olmuş şikayətlər də araşdırılmış, səlahiyyətləri çərçivəsində tədbirlər görülmüş, müraciətlər təmin edilmişdir.

Şərəf və ləyaqətin müdafiəsi hüququ. Qanunla nəzərdə tutulmuş məcburetmə tədbirlərini öz səlahiyyətləri və vəzifələri çərçivəsində həyata keçirən dövlət orqanları, o cümlədən hüquq mühafizə orqanlarının vəzifəli şəxsləri və əməkdaşları tərəfindən insanlara münasibətdə bu hüququn müdafiəsi daim Müvəkkilin diqqət mərkəzində olmuşdur.
Şərəf və ləyaqətin müdafiəsi hüququnun pozulması ilə bağlı 2018-ci ildə Müvəkkilin ünvanına 429 müraciət daxil olmuşdur. Müraciətlər üzrə aidiyyəti qurumlara yoxlama tapşırıqları verilmiş, yerində araşdırmalar aparılmış, tədbirlər görülmüş, təqsirkar şəxslər intizam qaydasında cəzalandırılmışlar.
Müraciətlərdə əks etdirilmiş halların yoxlanılması ilə bağlı müvafiq dövlət orqanlarına verilmiş tapşırıqlar üzrə aparılmış yoxlamaların nəticələri ilə bağlı Müvəkkilə verilmiş cavablarda, bir qayda olaraq, bildirilmişdir ki, kobud və ya ləyaqəti alçaldan hər hansı rəftar halları təsdiqlənməmişdir.
Qeyd edilənlərlə yanaşı, vətəndaşların şərəf və ləyaqətinin müdafiəsi hüququnun dövlətin məcburetmə səlahiyyətlərinə malik müvafiq qurumlarının, xüsusilə də hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən baş verən və ya baş verə biləcək pozulması hallarının qarşısını almaq məqsədilə məmurlara ünvanlanmış davamlı maarifləndirmə tədbirləri təşkil edilmişdir. Bu tədbirlər vətəndaş-məmur münasibətlərinin təkmilləşdirilməsində mühüm əhəmiyyət daşıyır.

Müvəkkilin işgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzaların qarşısının alınması üzrə milli preventiv mexanizm qismində fəaliyyəti. Milli Preventiv Mexanizm (MPM) qismində fəaliyyət göstərən Müvəkkil işgəncə, qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza kimi halların baş verməməsi, eyni zamanda baş verə biləcəyi təqdirdə aşkar edilməsi, qarşısının alınması, belə halları törədənlərin cəzalandırılmasına nail olunması məqsədi ilə öz fəaliyyətini müvafiq dövlət qurumları və vətəndaş cəmiyyəti ilə əməkdaşlıqda davam etdirmişdir. 
Müvəkkil və onun Milli Preventiv Qrupu (MPQ) tərəfindən Daxili İşlər, Ədliyyə, Müdafiə, Təhsil, Səhiyyə, habelə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Dövlət Təhlükəsizliyi və Dövlət Miqrasiya xidmətlərinin, həmçinin rayon (şəhər) icra hakimiyyətlərinin tabeliyində olan, ölkənin müxtəlif şəhər və rayonlarında yerləşən, saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi 240-dək müəssisənin, o cümlədən müvəqqəti saxlama yerlərinin, istintaq təcridxanalarının, cəzaçəkmə müəssisələrinin, təhsil, səhiyyə, sosial, miqrasiya və dövlət uşaq müəssisələrinin siyahısı müəyyən olunmuşdur.
Qeyd olunan müəssisələrə əvvəlcədən xəbərdarlıq edilmədən 2018-ci ildə ümumilikdə 343, o cümlədən plan üzrə 220, plandankənar 123 başçəkmə həyata keçirilmişdir. Belə ki, Daxili İşlər Nazirliyinin müvəqqəti saxlama yerlərinə 186, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin istintaq təcridxanalarına, cəzaçəkmə müəssisələrinə, həbsxana və müalicə müəssisəsi də daxil olmaqla 56,  Dövlət Təhlükəsizliyi Xidmətinin Müvəqqəti saxlama yeri və istintaq təcridxanasına 4, Dövlət Miqrasiya Xidmətinin Qanunsuz miqrantların saxlanılma mərkəzinə 3, Təhsil Nazirliyinin xüsusi təlim-tərbiyə və internat müəssisələrinə, habelə xüsusi peşə məktəbinə 44, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin pansionat, pensiya yaşına çatmış və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrinə 7, Səhiyyə Nazirliyinin psixiatriya xəstəxanalarına, ruhi-əsəb dispanserlərinə və körpələr evlərinə 29, yerli icra hakimiyyətlərinin tabeliyində olan uşaq evlərinə 14 başçəkmə həyata keçirilmişdir.
Saxlanılan şəxslərlə rəftar, saxlanma şəraiti, qidanın rasionu və keyfiyyəti, tibbi xidmətin və asudə vaxtın təşkili vəziyyəti öyrənilmiş, konfidensiallıq təmin olunmaqla müvəqqəti saxlama yerlərində 570, istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində 430, şəxsin öz iradəsi ilə tərk edə bilmədiyi digər müəssisələrdə 2.114 saxlanılan şəxslə təklikdə görüşlər keçirilmiş, müraciətləri yerində araşdırılmış və müvafiq tədbirlər görülmüşdür. Bununla yanaşı, bu müəssisələrdə çalışan 600-dək xidmət əməkdaşı ilə hüquqi maarifləndirici söhbətlər aparılmışdır. Müəssisə rəhbərləri və aidiyyəti vəzifəli şəxslər tərəfindən MPQ üzvlərinə lazımi şərait yaradılmış, pozuntuların aradan qaldırılması üzrə verilmiş tövsiyələr nəzərə alınmışdır.
Vətəndaşların qəbulu və müraciətlərinin effektiv araşdırılması məqsədilə Müvəkkil Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin qadın məhkumlar üçün 4 saylı cəzaçəkmə müəssisəsində və tərbiyə müəssisəsində “Açıq qapı” qəbulları keçirmiş və hər bir məhkum dəvət edilmişdir.
4 saylı cəzaçəkmə müəssisəsində keçirilmiş “Açıq qapı” qəbulu zamanı çoxsaylı məhkum qadınlar fərdi şəkildə qəbul edilmiş, ərizə və müraciətlərinə baxılmış, bir çoxu yerində təmin olunmuşdur. Qəbulun yekununda müəssisə rəhbərliyi ilə müzakirələr aparılmış, saxlanma şəraitinin təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilmişdir.
Saxlanılan şəxslərin müraciətləri ilə bağlı araşdırmalar aparılmış, zəruri hallarda Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Daxili İşlər, Ədliyyə nazirliklərinə və digər əlaqədar dövlət qurumlarına müraciətlər edilmişdir. Araşdırmaların nəticəsi barədə müraciət edən şəxslər vaxtında, rəsmi qaydada yazılı məlumatlandırılmışlar.
MPM qismində fəaliyyət çərçivəsində kobud rəftar hallarının qarşısının alınması üzrə tədbirlərin gücləndirilməsi məqsədilə müvafiq dövlət orqanlarına tövsiyələrə əsaslanan yazılı müraciətlər edilmişdir. Bu fəaliyyət çərçivəsində Ədliyyə Nazirliyi yanında İctimai Komitə və digər qurumlarla əməkdaşlıq davam etdirilmişdir.
Respublika üzrə bir sıra internat məktəblərinə başçəkmələr həyata keçirilmiş və müvafiq tövsiyələrlə Təhsil Nazirliyinə müraciət edilmişdir.
Səhiyyə Nazirliyinin psixiatriya müəssisələrinə də müntəzəm başçəkmələr keçirilmişdir. Bu müəssisələrin palata və korpuslarına, görüş yerlərinə, yeməkxanaya və digər obyektlərinə keçirilmiş baxışlar zamanı tibbi yardımın təşkili, qidalanma, içməli isti və soyuq su təminatı, sovqat, gəzinti, görüş və telefon danışıqları ilə bağlı mövcud vəziyyət və sənədləşmə araşdırılmış, bəzilərində saxlanma şəraiti ilə bağlı çatışmazlıqlar müəyyən edilmişdir. Rəftar məsələlərinin araşdırılması ilə bağlı pasiyentlər konfidensial qaydada qəbul edilmiş, hüquqlarının təmin olunma vəziyyəti, qaldırdıqları məsələlər, sənədləşmə işi yerində araşdırılmış, tibbi yardımla bağlı bir sıra müraciətlər yerində təmin edilmişdir.
Başçəkmələrin yekununda müəssisə rəhbərliyi və məsul əməkdaşlarla hüquqi maarifləndirici söhbətlər aparılmış, milli və beynəlxalq qanunvericiliyə müvafiq şəkildə saxlanma şəraiti, tibbi xidmət və sənədləşmə ilə bağlı çatışmazlıqlar, habelə yerində aradan qaldırılması mümkün olan məsələlərlə bağlı müvafiq tövsiyələr verilmiş, müəyyən edilmiş çatışmazlıqlarla bağlı Səhiyyə Nazirliyinə müraciət edilmişdir.
Bəzi hallarda müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərin istintaq təcridxanasına keçirilməsi müddətlərində pozuntulara yol verilməsi, azadlıqdan məhrum edilmiş şəxslərin penitensiar müəssisələrdə konfidensial yazışma hüququnun reallaşdırılması sahəsindəki problemlər də qeyd edilməlidir.
Fəaliyyət çərçivəsində saxlanılan şəxslərin vəkillərindən qaynar xətt vasitəsilə Müvəkkilə ünvanlanmış müraciətlər üzrə də araşdırmalar aparılmış və təmin edilmişdir.
Daxili İşlər və Ədliyyə nazirliklərinin  müəssisələrində əməkdaşlar, habelə tutulmuş, həbs edilmiş və məhkum olunmuş şəxslər üçün geniş tərkibdə hüquqi maarifləndirici görüşlər keçirilmiş, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 fevral tarixində imzaladığı Sərəncamının mahiyyəti və insan hüquqları baxımından əhəmiyyəti təbliğ olunmuşdur.
Müvəkkilin ünvanına daxil olmuş  müraciətlərin, başçəkmələr zamanı qəbul edilən şəxslərlə görüşlərin və qaynar xəttə daxil olmuş zənglərin təhlili göstərir ki, azadlıqdan məhrum edilmiş şəxslərin ailə üzvləri və yaxınları ilə görüş, sovqat, telefon danışıqlarından istifadə ilə bağlı hüquqlarının pozulması hallarına rast gəlinir. Belə halların aradan qaldırılması üçün nəzarət daha da gücləndirilməlidir.
Beynəlxalq standartlar və milli qanunvericilik əsasında MPQ tərəfindən həyata keçirilmiş və ədliyyə, polis, təhsil, səhiyyə, miqrasiya orqanlarının əməkdaşlarına, tibbi personala ünvanlanmış treninq-seminarlar xidmət əməkdaşlarının bacarıqlarının artırılması və hüquqi maarifləndirməsi, eləcə də MPM fəaliyyəti çərçivəsində verilən tövsiyələrin təbliği və icrası baxımından mühüm əhəmiyyət kəsb etmişdir.
Müvəkkilin MPM qismində fəaliyyətinə dair 2018-ci ildə Azərbaycan və ingilis dillərində 94 rəsmi mətbuat xülasəsi yayımlanmış, həmin məlumatlar Müvəkkilin rəsmi internet səhifəsində yerləşdirilmiş, geniş ictimaiyyətə açıqlanmış, kütləvi informasiya vasitələrində dərc olunmuş, habelə beynəlxalq təşkilatlara göndərilmişdir.
Müvəkkilin «İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzaların qarşısının alınması üzrə milli preventiv mexanizm qismində fəaliyyətə dair» 2009-2017-ci illər üzrə hesabatları Azərbaycan və ingilis dillərində çap olunaraq yayılmış, habelə təsisatın rəsmi saytında yerləşdirilmiş, 2018-ci il üzrə doqquzuncu illik hesabat da hazırlanmışdır.
İşgəncələr əleyhinə milli preventiv mexanizm sahəsində fəaliyyətin səmərəli təşkili və təkmilləşdirilməsi məqsədilə beynəlxalq qurumların rəsmi nümayəndələri ilə görüşlər keçirilmiş, BMT və onun müqavilə qurumları, İşgəncələrin Qarşısının alınması üzrə Altkomitə (SPT), habelə Avropa Şurası, İşgəncələrin Qarşısının alınması üzrə Komitə (CPT), Avropa İttifaqı, Penal Reform İnternational və digər təşkilatlarla, müxtəlif ölkələrin MPM-ləri ilə əməkdaşlıq davam etdirilmiş, təcrübə mübadiləsi aparılmışdır.
Müvəkkilin MPM fəaliyyətinə dair hesabatlarında 250, o cümlədən 2018-ci il üzrə 51 təklif və tövsiyəsi olmuş, onların da yarıdan çoxu öz həllini tapmış və ya icraya yönəldilmişdir ki, bu da müsbət ölkə təcrübəsi kimi qiymətləndirilir.
 “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”nın və onun Fakültativ Protokolunun tələblərinin hüquq mühafizə orqanlarının və digər aidiyyəti qurumların, habelə azadlıqdan məhrumetmə və azadlığın məhdudlaşdırılması müəssisələrinin əməkdaşları tərəfindən öyrənilməsi işi davam etdirilməkdədir.

Fikir və söz azadlığı. Mətbuatın, söz və ifadə azadlığının inkişafı, onun dəstəklənməsi, kütləvi informasiya vasitələrinin maddi-texniki imkanlarının artırılması, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi sahəsində tədbirlər davam etdirilmişdir. Bununla belə, fikir və söz azadlığının müdafiəsi sahəsində bəzi problemlər diqqəti cəlb edir.
Bəzən məmurlar tərəfindən jurnalistin sualının qeyri-etik, qeyri-peşəkar, mahiyyətinə uyğun olmayan, natamam cavablandırılması və ya verilən sualın xidməti davranışa zidd olaraq, kobudluqla qarşılanması ictimaiyyət tərəfindən tənqidlərə məruz qoyulan, narahatlıq yaradan məsələlərdəndir. Dövlət orqanlarının vəzifəli şəxslərinin jurnalistlərə və verilən suallara dözümlüklə, daha diqqətlə, səbr və hörmətlə yanaşması onların vəzifə borcu, həmçinin demokratik hüquqi dövlətin dəyərlərinə sədaqətin göstəricisidir.
Digər tərəfdən, hər bir şəxs, o cümlədən jurnalistlər kütləvi informasiya vasitələrində öz fikir və düşüncələrini ifadə edərkən və ya hər hansı məlumatı yayarkən mətbuat azadlığı ilə yanaşı, insanların şərəf və ləyaqət hüququna, işgüzar nüfuzuna hörmətlə yanaşmalı, baş verən istənilən hadisəni obyektiv təhlil etməli, əldə etdiyi informasiyanı qərəzsiz və düzgün təqdim etməlidir.
İnsanların şərəf və ləyaqətinə, işgüzar və peşəkar nüfuzuna xələl gətirən təhqiramiz və böhtan xarakterli məlumat və yazıların qarşısının qanunla müəyyən edilən qaydada alınması zəruridir.
Fikir və söz azadlığı digər şəxslərin hüquqlarına hörmət ruhunda həyata keçirilməlidir.
Müxtəlif məqsədlər naminə vətəndaşları təhdid edən, öz sənətinə qeyri-peşəkarlıqla yanaşan və məsuliyyət hissi olmayan bəzi qeyri-peşəkar jurnalistlər tərəfindən mətbuatda nəinki həqiqətə uyğun olmayan, hətta şantaj, rüsvayedici və böhtan xarakterli yazıların dərc olunması peşə etikasına zidd olmaqla yanaşı, həm də qanunvericiliyin tələblərinin pozulmasıdır.
Mətbuatda, xüsusilə elektron kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə zorakılığı nümayiş etdirən, xüsusilə uşaqlar və qadınlar barədə “görüntülü”, bir çox hallarda saxta məlumatlardan istifadə edilməsi yolverilməzdir.
Qeyd edilən məlumatlar ictimai qınaqlara səbəb olsa da, zorakılığın təbliğinə də yol açır. Belə məlumatların oxucu cəlb etmək məqsədilə elektron informasiya resursları tərəfindən yayımlanması, habelə sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilməsi insanların şərəf və ləyaqətinin alçaldılmasına, şəxsi və ailə həyatına müdaxiləyə, ailələrin dağılmasına, cinayətlə nəticələnən məişət zorakılığına, insanların hüquq və azadlıqlarının pozulmasına səbəb olur.
Müvəkkilin də iştirak etdiyi Avropa Şurasının “Azərbaycanda gender bərabərliyi və media azadlığı” layihəsi əsasında “Azərbaycan jurnalistlərinin peşə davranışı qaydaları”na dəyişikliklər edilmiş, jurnalist fəaliyyətini həyata keçirərkən gender bərabərliyi prinsiplərinə riayət olunması ilə bağlı yeni vəzifələr müəyyən edilmişdir. 2019-cu ildə də davam etdiriləcək həmin layihə çərçivəsində Bakı şəhərində və regionlarda kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə söz və mətbuat azadlığının təmini, mətbuatda gender bərabərliyi, jurnalistlərin peşə hüquq mədəniyyəti mövzularında maarifləndirici təlimlər həyata keçirilmiş və bu təlimlərdə aparatın əməkdaşı təlimçi ekspert qismində iştirak etmişdir.
Müvəkkil jurnalistləri qanunun tələblərinə əməl etməyə, öz yazılarında vətəndaşların şəxsi və ailə həyatına müdaxilə etməməyə, onların işgüzar nüfuzuna xələl gətirilməsinə səbəb olan yazılara, habelə razılığı olmadan vətəndaşın şəxsi həyatı barədə, eyni zamanda həqiqətə uyğun olmayan məlumatların yayılması kimi hallara yol verməməyə çağırır.
Mətbuat nümayəndələrinin hüquqlarının müdafiəsini, söz və ifadə azadlığının təmin olunmasını daim diqqətdə saxlayan Müvəkkil «22 iyul – Milli Mətbuat günü» münasibətilə Mətbuat Şurasına müraciətində kütləvi informasiya vasitələri nümayəndələrinin xalqımızın taleyüklü məsələlərinin həllində, sağlam mənəvi dəyərlərin formalaşdırılmasında, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında daha fəal olmağa, insan hüquqlarının həyata keçirilməsi, milli-mənəvi dəyərlərin qorunması, ölkəmizin  nüfuzunun artması naminə bundan sonra da onları fəal olmağa çağırmışdır.
«10 dekabr - Beynəlxalq İnsan Hüquqları günü» münasibətilə Milli Məclisin deputatlarının, habelə dövlət qurumlarının, vətəndaş cəmiyyəti institutlarının, kütləvi informasiya vasitələrinin, beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə keçirilmiş konfrans çərçivəsində «Hüquqlar - hamı üçün!» adlı jurnalist yazıları müsabiqəsinə yekun vurulmuş, qaliblər mükafatlandırılmışlar.
Mətbuat-vətəndaş münasibətlərində ortaya çıxan problemlər bir daha göstərir ki, peşəkarlığın və məsuliyyət hissinin artırılması, jurnalist etikasına riayət edilməsi yönümündə aparılması zəruri olan tədbirlər mövcud çatışmazlıqların aradan qaldırılmasında mühüm vasitədir. Bu baxımdan, əlaqədar dövlət qurumlarının və vətəndaş cəmiyyəti təsisatlarının jurnalistlərin peşəkarlığının artırılmasına istiqamətlənmiş treninq və seminarlara cəlb edilməsi üzrə tədbirlərin genişləndirilməsinə ehtiyac vardır.

İnformasiya əldə etmək azadlığı. Rəqəmsal sistemin geniş tətbiq edildiyi, internetin rolunun artmaqda olduğu, əhalinin 80 faizindən çoxunun internetdən istifadə etdiyi respublikamızda informasiya əldə etmək hüququnun daha səmərəli təmin edilməsi istiqamətində mühüm addımlar atılmışdır.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və dövlət orqanları tərəfindən göstərilən xidmətlərin həyata keçirilməsini təmin edən “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin genişləndirilməsi, habelə elektron hökumətin təkmilləşdirilməsi informasiya əldə etmək azadlığının səmərəli təmini baxımından böyük əhəmiyyət daşımaqdadır.
Bir daha qeyd edilməlidir ki, “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın 1.3-cü bəndində 2013-2014-cü illərdə Müvəkkil aparatının strukturunun təkmilləşdirilməsi, aidiyyəti əməkdaşların ixtisaslaşmış treninqlərə cəlb edilməsi, habelə “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 2.1-ci bəndində Müvəkkilin “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələri yerinə yetirməsinə nəzarət imkanlarının gücləndirilməsi üzrə tədbirlərin görülməsi öz əksini tapmış, planın icrası ilə təmin edilmiş resurslar və həyata keçirilmiş gücləndirmə tədbirləri barədə məlumat verilməsi tövsiyə edilmişdir. Müvəkkil Nazirlər Kabinetinə və Maliyyə Nazirliyinə müvafiq tədbirlərin icrasının sürətləndirilməsi ilə bağlı dəfələrlə müraciət etmişdir.
«İnformasiya əldə etmək haqqında» Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələrin informasiya sahibi olan dövlət orqanları, yerli özünüidarə orqanları və vəzifəli şəxsləri tərəfindən yerinə yetirilməsinə nəzarətin təşkili məqsədilə Müvəkkil həmin qurumlarla əməkdaşlığını davam etdirmişdir.
İnformasiya əldə etmək azadlığı ilə bağlı Müvəkkilin ünvanına 39 müraciət daxil olmuş, təhlil edilmiş, müvafiq qurumlara sorğular göndərilmiş, əksər hallarda müraciətlər öz həllini tapmışdır.
Bir çox hallarda “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmaqla informasiya sorğusu kimi təqdim edilən müraciətlər müvafiq qaydada cavablandırılmış, eyni zamanda həmin Qanunun 4.2-ci maddəsinə əsasən, bu Qanunun "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənən təklif, ərizə və şikayətlərə şamil olunmadığı onlara izah olunmuşdur.
Bəzən informasiya sorğusunun ünvanlandığı dövlət qurumları həmin informasiyaya malik olmadıqlarıından ya vətəndaşlara cavab vermir, yaxud da informasiya sorğusunun baxılmasından imtina etməklə kifayətlənirlər. Lakin nəzərə alınmalıdır ki, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən, dövlət orqanları və bələdiyyələr sorğu edilən informasiyaya malik olmadığı hallarda aidiyyəti informasiya sahibini müəyyənləşdirməli və informasiya sorğusunu ləngitmədən 5 iş günündən gec olmayaraq ona göndərməli, bu barədə sorğuçuya məlumat verməlidirlər.
Əldə edilməsi vacib olan informasiyalardan biri də vətəndaşların daim münasibətdə olduqları iş və xidmətlərin göstərildiyi özəl qurum, firma və müəssisələr barədə hüquqi məlumatlardır. Bir çox hallarda belə məlumatların olmaması və ya əldə edilməsinin mümkünsüzlüyü vətəndaşların istehlakçı kimi öz hüquqlarını müdafiə etməsində ciddi çətinliklər yaradır. Qeyd edilənləri nəzərə alaraq, müqavilə əsasında iş görən (xidmətlər göstərən) fiziki və hüquqi şəxslər barədə qeydiyyat məlumatlarının əlçatanlığının qanunvericiliklə müəyyən edilməsi, bununla bağlı “Kommersiya sirri haqqında” Azərbaycan Respublikası Qanununda müvafiq əlavə və dəyişikliklər olunması məqsədəmüvafiqdir.
Müvəkkil informasiya sahibləri olan dövlət qurumlarının müvafiq struktur bölmələrinin əməkdaşları tərəfindən «İnformasiya əldə etmək haqqında» Azərbaycan Respublikası Qanununun, habelə Konstitusiya Qanununun müddəalarının dərindən öyrənilməsini və düzgün tətbiq olunmasını, informasiya sorğularının təmin edilməsi üçün icra mexanizmlərinin davamlı olaraq təkmilləşdirilməsini, informasiya sahibləri olan dövlət qurumlarına ünvanlanmış sorğuların tam, obyektiv və operativ cavablandırılmasını, bu orqanların müvafiq informasiya strukturlarının işinin, həmçinin elektron resurslarının daha da təkmilləşdirilməsini tövsiyə etmişdir.

Seçki hüququ. Azərbaycan Respublikası Prezidentinin seçkilərinin keçirilməsi ilə əlaqədar Müvəkkil tərəfindən seçki hüququ ilə bağlı əhali arasında geniş maarifləndirmə tədbirləri həyata keçirilmişdir.
Seçkilər ərəfəsində Müvəkkilin, Mərkəzi Seçki Komissiyasının və Daxili İşlər Nazirliyinin iştirakı ilə Gəncə, Şirvan və Şəki şəhərlərində, habelə yekun olaraq Bakı şəhərində 118 dairə seçki komissiyasının sədrləri, 55 şəhər və rayon üzrə 76 qurumun, o cümlədən şəhər və rayon polis idarə və şöbələrinin məsul əməkdaşları cəlb olunmaqla, polis əməkdaşlarının xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsi məqsədilə regional seminar-müşavirələri keçirilmişdir.
Gəncə, Şirvan və Şəki şəhərlərinə səfərləri zamanı Müvəkkil yüksək səviyyədə təmir edilmiş, müasir avadanlıqla, elektrik enerjisi, informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunmuş bir sıra dairə seçki komissiyalarının və seçki məntəqələrinin binalarına, iclas zallarına, kompyuter və digər otaqlara baş çəkmiş, müvafiq seçki komissiyası üzvlərinin fəaliyyəti ilə tanış olmuş, seçici siyahılarını, daşınmaz və daşınan seçki qutularını, seçki kabinələrini, seçki hüquqları üzrə əlaqədar nəşr, vəsait və plakatları, bəzi seçki məntəqələrində quraşdırılmış veb-kameraları müşahidə etmiş, seçkiqabağı təşviqatın aparılması üçün açıq yerlər kimi ayrılan meydan və stadionlara, habelə lazımi şəraitlə təmin olunmuş qapalı yerlər kimi nəzərdə tutulan böyük zallara baxış keçirmiş, prezidentliyə namizədlər üçün bərabər imkanların yaradıldığını müəyyən etmiş, öz tövsiyələrini vermişdir.
Seçkilərdə gözdən əlil seçicilər üçün seçki bülletenindəki məlumatların Brayl əlifbası ilə əks olunan trafaretlər hazırlanmış, eyni zamanda hərəkət qabiliyyətində məhdudiyyətlər olan seçicilərin seçki məntəqəsinə maneəsiz daxil olmaları üçün daşına bilən panduslardan istifadə olunması nəzərdə tutulmuşdur.
Prezident seçkiləri günü Müvəkkil və 38 əməkdaşı, o cümlədən Gəncə, Şəki, Cəlilabad və Quba regional mərkəzlərini təmsil edənlər müstəqil olaraq, özlərinin təşəbbüsü ilə qeydiyyatdan keçərək müşahidəçi qismində Bakı və ölkənin 53 şəhər və rayonunda 103 seçki dairəsi üzrə 371 seçki məntəqəsində, məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrdə, habelə Cocuq Mərcanlıda, hərbi hissələrdə, cəzaçəkmə müəssisəsində səsvermə prosesini müşahidə etmişlər.
Müvəkkil paytaxtın rayonlarında bir sıra seçki dairələri üzrə çoxsaylı seçki məntəqələrində, o cümlədən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin qadınlar üçün cəzaçəkmə müəssisəsində, Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində və hərbi hissələrində təşkil olunmuş məntəqələrdə seçkiləri müşahidə etmişdir. Həm məntəqə seçki komissiyalarının üzvləri, həm də müşahidəçi və seçicilərlə bilavasitə görüşən, beynəlxalq qurumları təmsil edən müşahidəçilərin təəssüratları ilə tanış olan Müvəkkil müşahidələrin nəticələrini ümumiləşdirərək Mərkəzi Seçki Komissiyanın Seçkilər İnformasiya Mərkəzində kütləvi informasiya vasitəsilə geniş ictimaiyyətin diqqətinə çatdırmışdır.
Müşahidələrin nəticəsi olaraq qeyd edilməlidir ki, seçkilər əhalinin yüksək fəallığı şəraitində, demokratik, azad, şəffaf, ədalətli, seçki qanunvericiliyi və beynəlxalq standartlarla müəyyən edilmiş qaydada, nizam-intizamla keçirilmiş, vətəndaşların seçki hüquqları təmin olunmuş, seçkilərin izlənilməsi üçün şərait yaradılmış, pozuntu, habelə yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və polis əməkdaşları tərəfindən müdaxilə halları müəyyən edilməmişdir.
Siyasi partiyaları, ictimai birlikləri, qeyri-hökumət təşkilatlarını təmsil edən, eyni zamanda müstəqil və bitərəf olan müşahidəçilər nizamla, bir-birinə qarşılıqlı hörmət şəraitində bu prosesdə iştirak edərək, öz vəzifələrini səlahiyyətləri çərçivəsində yerinə yetirmişlər.
Ümumilikdə, bundan əvvəlki seçkilərdə qazanılmış müsbət təcrübənin davamı olaraq, Prezident seçkiləri ölkə konstitusiyasına, Seçki Məcəlləsinə və beynəlxalq standartlara uyğun şəkildə, əhalinin yüksək fəallığı ilə, ədalətli, şəffaf həyata keçirilmişdir.
Bu seçkilər Azərbaycan Respublikasının hüquqi, demokratik dövlət quruculuğu və milli dövlətçilik ənənələrinin möhkəmləndirilməsi yolu ilə inkişaf etdiyini, vətəndaş cəmiyyəti prinsiplərinə sadiq olduğunu bir daha təsdiqləmişdir.

Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququ. Məhkəmə sistemində aparılan islahatların tərkib hissəsi kimi müasir informasiya texnologiyalarının tətbiqi məhkəmələrə müraciət imkanlarının genişlənməsində, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı süründürməçiliyin və digər neqativ halların qarşısının alınmasında, aşkarlıq və operativliyin təmin edilməsində, məhkəmə qərarlarının icrasına nəzarətin effektivliyinin artırılmasında mühüm əhəmiyyət daşımışdır.
Ədalət mühakiməsinin səmərəliliyinin artırılması çərçivəsində hakim korpusunun yüksək hazırlıqlı hüquqşünaslarla formalaşdırılması üzrə tədbirlər davam etdirilmiş, şəffaf seçim qaydasının tətbiqi nəticəsində test üsulu ilə, habelə yazılı və şifahi imtahanlarda müvəffəqiyyət qazanmış, Ədliyyə Akademiyasında nəzəri və təcrübi kurs keçmiş hakimliyə namizədlər ölkə Prezidentinin müvafiq sərəncamı ilə məhkəmə hakimləri təyin edilmişlər.
İnsan hüquqlarının pozulması, onların həyata keçirilməsinə maneələr yaradılması, süründürməçiliyə və bu kimi digər nöqsanlara yol verilməsinə görə Məhkəmə-Hüquq Şurası tərəfindən bəzi hakimlər barədə intizam icraatı aparılmış, müəyyən edilmiş qaydada işlərə baxılmışdır. Məhkəmə-Hüquq Şurası tərəfindən tətbiq edilən cəzaların mahiyyəti yalnız inzibati tədbir xarakteri daşımır, eyni zamanda xalqın ədalət mühakiməsinə inamının artmasına xidmət edir.
2018-ci ildə vətəndaşların haqlı narazılığını doğuran pozuntulara görə 14 hakimin fəaliyyəti qeyri-məqbul qiymətləndirilməklə səlahiyyətlərinə xitam verilmiş, 4 məhkəmə sədri aşağı işə keçirilmiş, 6 hakim intizam məsuliyyətinə cəlb edilmiş, 2 nəfər tutduğu vəzifədən azad edilmiş, 1 nəfərin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilmişdir.
Ədliyyə Nazirliyi və məhkəmələrlə əməkdaşlıq davam etdirilmiş, şikayətlərin araşdırılması zamanı insan hüquqlarının pozulması ilə bağlı müvafiq hallar aşkar edildikdə bərpası istiqamətində tədbirlər görülmüşdür.
Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı ilə bağlı 1.442 müraciət daxil olmuşdur. Bu müraciətlərdə, əsasən, prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq tərəflərin məlumatlandırılmaması, o cümlədən məhkəmədə işə baxılma vaxtı və yeri haqqında məhkəmə prosesinin iştirakçılarına müvafiq bildirişin vaxtında göndərilməməsi, məhkəmə qərarlarının surətinin vaxtında verilməməsi, məhkəmə qərarlarının icraya yönəldilməməsi, müraciətlərin cavablandırılmaması kimi hallar öz əksini tapmışdır.
Müvəkkilə ünvanlanmış müraciətlərin təhlili göstərir ki, bəzi hallarda məhkəmənin qərarı işdə iştirak edən şəxslərə vaxtında göndərilmir ki, bu da həmin qərardan yuxarı instansiya məhkəməsinə müraciət etmək hüququnun pozulması ilə nəticələnib.
Birinci instansiya məhkəməsinin qərarından verilmiş şikayətin apellyasiya instansiyasına göndərilməməsi ilə bağlı vətəndaşlara məlumatın verilməməsi və ya vaxtında verilməməsi də şikayətlərə səbəb olmuşdur.
Təhlillər onu deməyə əsas verir ki, hakimlər tərəfindən yol verilmiş nöqsanların  aşkar edilməsi və qarşısının alınması üzrə tədbirlər ardıcıl olaraq davam etməlidir.
Müvəkkil təsisatı ilə Ədliyyə Akademiyası arasında qarşılıqlı səmərəli əməkdaşlıq əlaqələri davam etdirilmiş, Müvəkkil və aparatın əməkdaşları müxtəlif vaxtlarda həmin akademiyanın dinləyiciləri qarşısında məruzələrlə çıxışlar etmişlər.
Azərbaycanda beynəlxalq standartlara cavab verən mükəmməl yuvenal ədliyyə sisteminin yaradılmasının prioritet məsələlərdən biri olduğunu bildirən Müvəkkil əvvəlki illik məruzələrində yetkinlik yaşına çatmayanların cinayət-mühakimə icraatı zamanı meydana çıxan problemlərin aradan qaldırılması məqsədilə yuvenal ədliyyə haqqında qanunun qəbul olunmasını, həmçinin müvafiq qanunda onun icra mexanizmlərinin təsbit olunmasını bir daha təklif edir.
İnsan hüquqları ilə bağlı hər bir şəhər və rayonda dövlət büdcəsi hesabına müntəzəm fəaliyyət göstərən hüquq məsləhətxanalarının yaradılmasına da ehtiyac vardır.

Ədalətli mühakimə hüququnun tərkib hissələrindən biri də məhkəmə qərarlarının icra edilməsidir. Məhkəmə qərarlarının vaxtında və tam icra olunması ədalət mühakiməsinin səmərəliliyinin və məhkəmə hakimiyyətinin nüfuzunun artırılmasında mühüm əhəmiyyət kəsb edir.
2018-ci ildə ümumilikdə məhkəmə qərarlarının icrası ilə bağlı Müvəkkilin ünvanına 1.414, o cümlədən alimentin ödənilməsi üzrə 552 müraciət daxil olmuşdur.
Müraciətlərdə məhkəmə qərarlarının icra edilməməsi və ya uzun müddət icrasız qalması, süründürməçiliyə yol verilməsi, icra məmurları tərəfindən etik davranış qaydalarının pozulması kimi hallar öz əksini tapmış, borcun, xüsusilə alimentin ödənilməsi ilə bağlı müraciətlər çoxluq təşkil etmişdir.
İcra məmurlarının qanunla onlara verilmiş səlahiyyətlərdən yetərincə istifadə etmədiyi, borclunun axtarışı ilə bağlı tədbirlər görmədən, işi icra etmədən məhkəməyə qaytardığı hallar da hüquqların pozulmasına səbəb olmuşdur. Bəzi icra məmurlarının öz vəzifələrinin icrasına qeyri-peşəkar və laqeyd münasibəti vətəndaşların hüquqlarının pozulması ilə nəticələnmişdir.
Aliment tələbinə dair məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı şikayətlər artmaqdadır. Bu hal cəmiyyətdə getdikcə ciddi problemə çevrilməkdədir. 
Borclu tərəfin işləməməsi, rəsmi iş yerinin olmaması, onda tələbin yönəldilə biləcəyi əmlakın və digər gəlirlərin aşkar edilməməsi, əmək qabiliyyəti olmayan borclunun işləyə bilməməsi, pensiya (müavinət) almaması və ya məbləğinin az olması, müxtəlif qanunazidd yollarla borcu ödəməkdən yayınması və gizlənməsi, ölkənin hüdudlarını tərk etməsi səbəbindən yaranmış aliment borcunun ödənilməsində çətinliklər yaranır, yaxud da ödənişin təmin edilməsi mümkün olmur.
Borclunun alimenti ödəmədiyi və görülmüş tədbirlər nəticə vermədiyi hallarda icra məmurlarının təqdimatlarına əsasən məhkəmələr tərəfindən borcluya münasibətdə inzibati qaydada xəbərdarlıq etmə, məcburi gətirilmə, inzibati həbs, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması kimi qərarlar qəbul olunur, ayrı-ayrı hallarda dövlətlərarası axtarış elan edilir, cinayət məsuliyyətinə cəlb etmə, yaxud da cərimə ilə bağlı təqdimatlar verilir və ya ərazisində müvəqqəti olduğu dövlətin səlahiyyətli orqanlarına müraciətlər olunur. Bununla yanaşı, məhkəmə qərarının icrasından qərəzli olaraq yayınan bəzi borclular müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. Lakin həyata keçirilmiş bu kimi tədbirlər demək olar ki, problemin həlli istiqamətində müsbət nəticə vermir, eyni zamanda dövlət büdcəsindən lüzumsuz xərclərə səbəb olur.
Bir çox hallarda vətəndaşların Müvəkkilə şikayəti əsasında aparılmış araşdırma prosesində alimentin ödənilməsi bərpa edilsə də, bir neçə aydan sonra ödəniş yenə də dayandırılmışdır ki, bu da təkrar şikayətlərə, lüzumsuz yazışmalara və müxtəlif vaxt və vəsait tələb edən tədbirlərə səbəb olmaqdadır. Digər ciddi problem aliment ödənişlərindən yayınmaq məqsədilə borcluya faktiki olaraq məxsus olan əmlakın, o cümlədən ev və mənzillərin, sahibkarlıq obyektlərinin və nəqliyyat vasitəsinin xüsusi mülkiyyət kimi başqa şəxslərin adına qeydiyyata alınmasıdır.
Borcunu qərəzli olaraq ödəməyən və ya ödəmək iqtidarında olmayan şəxsə münasibətdə cərimə cəzasının tətbiqi ümumi vəziyyəti daha da çətinləşdirir. Maraqlıdır ki, aliment üzrə borcun ödənilməsi aylarla və illərlə təmin edilmədiyi halda, məhkəmə tərəfindən müəyyən edilmiş cərimə məbləğinin ödənilməsinə qısa müddətdə nail olunur. Həmin cərimə məbləği aliment üzrə bir neçə ayın borcunun ödənilməsinə də bəs edə bilir. Odur ki, bu cərimə məbləğinin tələbkarın hesabına köçürülməsi daha məqsədəuyğun olardı.
Alimentin borclu tərəfindən ödənilməməsi ilə bağlı problemə həlli vacib prioritet məsələ kimi yanaşılmalıdır. Odur ki, “Aliment Fondu”nun yaradılması istər maddi, istərsə də mənəvi baxımdan dövlət üçün də mühüm əhəmiyyət kəsb edir. Bu təklifin öz həllini tapması aliment tələbinə dair çoxsaylı məhkəmə qərarlarının icrasını təmin edə bilər. Yeri gəlmişkən, bu problem Müvəkkilin 2006-cı il və sonrakı illik məruzələrində, habelə səlahiyyətli dövlət qurumlarına ünvanladığı təkliflər sırasında öz əksini tapmışdır. Lakin ildən-ilə artan boşanmalar, rəsmi qeydiyyatda olmayanların və natamam ailələrin sayının artması, habelə bunların doğurduğu hallar problemin daha da sərtləşməsi ilə nəticələnir.
Pensiya və ya müavinət almayan, habelə əlilliyi olan şəxslər, məhkumlar, cəzadan azad edilmiş və reabilitasiya keçən, habelə daimi yaşayış və iş yeri olmayan şəxslərin alimenti ödəmək iqtidarının olmaması da diqqətə alınmalıdır.
Şübhəsiz, bu istiqamətdə tədbirlərin həyata keçirilməsi müvafiq hazırlıq və dəyərləndirmə işlərinin aparılmasını tələb edir. Bununla yanaşı, səmərəli vasitə kimi yaradılması zəruri olan aliment fondu tərəfindən ödənilən problemli alimentlərin borcludan təxirə salınmadan geri qaytarılması mexanizmi də hazırlanmalıdır.
Alimentin ödətdirilməsində məşğulluq orqanlarının imkanlarından geniş istifadə olunması və aliment öhdəliyi üzrə borcu olan şəxslərin məşğulluğunun ilk növbədə təmin edilməsi məcburi ödəniş mexanizminin əsasını təşkil etməlidir.
Məhkəmə qərarlarının borclu qismində cəlb edilmiş müvafiq dövlət qurumları tərəfindən icra edilməməsi və ya icrasının gecikdirilməsi də vətəndaşların haqlı narazılıqlarına səbəb olmuşdur.
Məhkəmə qərarlarının icrası prosesində bəzi icra məmurları tərəfindən süründürməçiliyə və kobudluğa yol verilməsi, icra işinə laqeyd, bəzən də qərəzli münasibət göstərilməsi, məhkəmə qərarlarının icrasının bir çox hallarda əsassız olaraq yubadılması, habelə vəzifə səlahiyyətlərinin qanunla tələb edilən səviyyədə yerinə yetirilməməsi, hüquqazidd hərəkət və nöqsanlar ədalət mühakiməsinin səmərəliliyinə və nüfuzuna mənfi təsir göstərməklə yanaşı, problemin yetərincə həll edilməsinə imkan vermir. Odur ki, belə hallarda icra məmurları məsuliyyətdən kənarda qalmamalı, onların fəaliyyətinə nəzarət gücləndirilməli, öz işinin öhdəsindən gələ bilməyən, qeyri-peşəkarlıq və laqeydlik göstərən, etik davranış qaydalarını pozan icra məmurlarına qarşı tədbirlər daha da sərtləşdirilməlidir.
Yeri gəlmişkən, Ədliyyə Nazirliyinin məlumatına əsasən, icra intizamının gücləndirilməsi məqsədi ilə 2018-ci ildə fəaliyyətində kobud nöqsanlara yol verən 33 əməkdaş barəsində intizam tənbehi verilmişdir.
İnsan hüquqlarının pozulmasının qarşısını almaq məqsədilə xüsusilə yeni konseptual yanaşma və səmərəli mexanizmlərin hazırlanması və tətbiqi, habelə icra sahəsində intizamın gücləndirilməsi, məhkəmə qərarlarının icra edilməsində süründürməçilik hallarına yol verən, etik davranış qaydalarını pozan, öz vəzifələrinə qeyri-peşəkar və laqeyd münasibət göstərən icra məmurlarının cəzalandırılması onların məsuliyyətinin artırılmasına, qeyd edilən pozuntuların aradan qaldırılmasına xidmət etmiş olar.

İnsan hüquqlarının müdafiəsi sahəsində üquq mühafizə orqanları ilə əməkdaşlıq

Prokurorluq orqanları ilə əməkdaşlıq. Ölkəmizdə olan hər bir şəxsin qanun qarşısında hüquq bərabərliyi, fiziki şəxslərin hüquq və azadlıqlarına, hüquqi şəxslərin hüquqlarına əməl və hörmət edilməsi, obyektivlik, qərəzsizlik və faktlara əsaslanma, vahidlik və mərkəzləşdirmə, tabelik və siyasi bitərəflik prinsipləri əsasında prokurorluq orqanları insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi sahəsində fəaliyyətini davam etdirmişdir.
Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində prokurorluq orqanları tərəfindən insan hüquqlarının müdafiəsi sahəsində əməli tədbirlər həyata keçirilmişdir.
Məlumata əsasən, Azərbaycan Respublikasının Baş prokurorluğunda "Attestasiya" informasiya sisteminin məlumat bazasının təkmilləşdirilməsi məqsədilə qanunvericiliyə edilən yeni dəyişikliklərə uyğun olaraq, insan hüquqlarının müdafiəsini, habelə «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasını, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent təcrübəsini əks etdirən məsələlər üzrə tərtib edilmiş yeni suallar əsasında prokurorluq işçilərinin attestasiyasının keçirilməsi təmin edilmişdir. Bununla yanaşı, prokurorluq orqanlarına ilk dəfə qulluğa qəbul edilən 85 nəfər namizədin peşə fəaliyyətinə buraxılması məqsədilə Ədliyyə Akademiyasında icbari təlimin təşkili zamanı insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı, beynəlxalq konvensiyalarla əlaqədar mövzulara geniş yer ayrılmışdır.
Prokurorluq orqanları ilə bağlı 2018-ci ildə Müvəkkilin ünvanına 677 müraciət daxil olmuşdur. Bu müraciətlərdə, əsasən, istintaqın qeyri-obyektiv aparılması, müraciətlərə cavab verilməməsi, istintaqın gedişi barədə vətəndaşın məlumatlandırılmaması, qərarların surətlərinin verilməməsi kimi hallar öz əksini tapmışdır.
Həmin müraciətlər üzrə prokurorluq orqanlarına sorğular göndərilmiş, məsələlərin həlli məqsədilə təkliflər verilmiş, bir çox müraciətlər Baş Prokurorluqla qarşılıqlı əməkdaşlıqda araşdırılmış, pozulmuş insan hüquqlarının bərpası istiqamətində zəruri tədbirlər görülmüşdür.
Belə ki, bəzi hallarda toplanmış materialda cinayət tərkibi olmaması qənaətinə gəlinərək cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarların qanuniliyi Baş Prokurorluqda yoxlanılmış, tam və hərtərəfli araşdırma aparılmadığı müəyyən edildiyi hallarda həmin qərarlar ləğv edilərək, material üzrə əlavə araşdırma aparılması barədə aidiyyəti üzrə göstərişlər verilmişdir. Bir sıra hallarda qərarlar ləğv edilərək iş təkrarən təhqiqat və istintaq orqanına qaytarılmışdır.
Təhqiqatın və ya istintaqın gedişinə nəzarətin gücləndirilməsi cinayət prosessual qanunvericiliyinin pozulması hallarının qarşısını almaqla yanaşı, cinayət təqibinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının daha səmərəli təmininə şərait yaratmışdır.
İşə baxılmasının obyektivliyinin təmin edilməsi və insan hüquqlarının müdafiəsi istiqamətində Müvəkkilin həyata keçirdiyi araşdırma prosesində bəzən yerli prokurorluq orqanlarına yazılı tövsiyə və ya göstərişlərin verilməsi, problemin vaxtında həlli vətəndaşların prokurorluq orqanlarına etibarının daha da artmasına, şikayətlərin sayının azalmasına səbəb olur.
Müvəkkilin ünvanına daxil olmuş və korrupsiya hallarının öz əksini tapdığı müraciətlər Baş Prokurorluğa göndərilmiş, müvafiq araşdırmalar aparılaraq, qanunauyğun qərarlar qəbul edilmiş, tədbirlər görülmüşdür.
Qeyd edilənlərlə yanaşı, rəsmi məlumata əsasən, 2018-ci ildə Baş Prokurorluq tərəfindən aparılmış xidməti yoxlamaların nəticəsi üzrə müxtəlif nöqsan və çatışmazlıqlara yol verdiklərinə görə 31 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilmişdir.
Cinayətkarlığa, o cümlədən korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi ilə yanaşı, maarifləndirmə tədbirlərinin də genişləndirilməsi cəmiyyətdə qanunun aliliyinə hörmət prinsipinin bərqərar olmasında mühüm əhəmiyyət daşıyır.
İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının etibarlı müdafiəsi üçün bütün zəruri tədbirlərin görülməsi, o cümlədən müraciətlərə baxılması və ərizəçilərin qəbulu, prokurorluq orqanları tərəfindən cinayət işlərinin istintaqının gedişi ilə bağlı zərər çəkmiş şəxsin, mülki iddiaçının, şübhəli və ya təqsirləndirilən şəxslərin, onların qanuni nümayəndələrinin, müdafiəçinin, mülki cavabdehin məlumatlandırılması istiqamətində yerlərdə nəzarət daha da gücləndirilməlidir.

Daxili işlər orqanları ilə əməkdaşlıq. İnsan hüquqlarının müdafiəsi, o cümlədən pozulmuş hüquqların bərpası və hüquqi maarifləndirmə sahəsində Daxili İşlər Nazirliyi ilə səmərəli əməkdaşlıq davam etdirilmişdir.
Daxili işlər orqanları ilə bağlı daxil olmuş 2.667 müraciətdə, əsasən, ibtidai araşdırmanın və istintaqın qeyri-obyektiv aparılması, təhqiqatın və ya istintaqın gedişi barədə məlumat verilməməsi, cinayət işinin başlanmasının rədd edilməsi, fakta görə cinayət işinin başlanmaması, əsassız olaraq cinayət işinə xitam verilməsi və ya cinayət işi üzrə icraatın dayandırılması, süründürməçilik, müraciətlə bağlı prosessual qərarın qəbul edilməməsi, müraciətə cavab verilməməsi, polis əməkdaşları tərəfindən kobud rəftara yol verilməsi kimi hallar öz əksini tapmışdır.
Bir sıra təhqiqat və ya cinayət işləri üzrə materiallar təhqiqata və istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurorlar tərəfindən həm Müvəkkilin, həm də hüququ pozulmuş ayrı-ayrı vətəndaşların müraciətləri əsasında yenidən öyrənilmişdir.
Polis orqanlarında təhqiqatın qeyri-obyektiv aparılması ilə bağlı şikayətlər üzrə prokurorluq orqanlarına müraciətlər edilmiş, nəticədə cinayət işinin başlanmasının rədd edilməsi, habelə cinayət işlərinə xitam verilməsi haqqında bəzi qərarlar ləğv edilərək təkrar istintaqa göndərilmişdir.
Müraciətlərdə göstərilmiş halların yoxlanılması məqsədilə cinayət işi üzrə qəbul edilmiş qərarın əsaslığı öyrənilərkən, bəzən əlavə istintaq zamanı qəbul edilmiş qərarda olan göstərişlərin tam icra olunmadığı müəyyən edildiyindən işin icraatına xitam verilməsi barədə müvafiq qərar ləğv olunaraq cinayət işi əlavə istintaq aparılması üçün istintaq orqanına qaytarılmışdır.
Törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatların alındığı hər bir halda təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror cinayət işi başlamaq, cinayət işinin başlanmasını rədd etmək, xüsusi ittiham qaydasında təqib olunan cinayətə dair məlumatı məhkəmə aidiyyəti üzrə göndərmək kimi müvafiq qərarlardan birini qəbul edir.
Daxili işlər orqanlarında təhqiqatın tam və hərtərəfli aparılmadığı hallarda ərizəçinin tələbi ilə istintaqın obyektiv aparılması üçün bəzən cinayət işi prokurorluq tərəfindən alınaraq, digər müstəntiqə və ya istintaq orqanına həvalə edilmişdir.
Nəticədə iş üzrə zəruri olan materiallar tələb edilərək öyrənilmiş, toplanılmış material istintaq orqanına göndərilmiş və cinayət işi başlanılmışdır.
Bir sıra hallarda məhkəmə qərarlarının icra edilməsi prosesində borclunun qərarın icrasından yayındığı, icra məmurunun tələblərinə əməl etmədiyi və öhdəliyi yerinə yetirməmək məqsədilə gizləndiyi hallarda icra məmurunun «borclunun axtarılması haqqında» qərarına əsasən, borclu barəsində polis orqanlarında açılmış axtarış işi üzrə görülmüş tədbirlər nəticəsində həmin şəxslərin yeri müəyyən edilərək, aidiyyəti üzrə icra və probasiya şöbə və bölmələrinə təhvil verilmiş, barələrində olan axtarış işinə xitam verilmişdir.
Dövlət yol polisi ilə bağlı şikayətlərdə öz əksini tapmış halların yoxlanılması məqsədi ilə aparılmış araşdırmalar üzrə də qanunauyğun tədbirlər görülmüşdür. Şikayətlərin təhlili bu sahədə olan bir sıra problemlərin qarşısının alınması istiqamətində təsirli tədbirlər görülməsini tələb edir.
Əvvəlki illik məruzələrdə mövcud sahədə hüquqpozmaların qarşısının alınmasına, xüsusilə piyadaların hüquqlarının etibarlı müdafiəsi məqsədi ilə polis əməkdaşları üçün vətəndaşlarla etik davranış qaydalarına həsr olunmuş treninqlərin təşkil edilməsi, nəqliyyat vasitələrinin və insanların təhlükəsizliyini təmin edən texniki baxış proqramlarının tətbiq edilməsi, yol qəzalarının azaldılması məqsədilə onun baş verdiyi ərazi, günün vaxtı və ilin fəsli nəzərə alınmaqla təhlillərin aparılmasına böyük ehtiyac olduğu qeyd edilmiş, kompleks tədbirlər planının hazırlanıb həyata keçirilməsi təklif edilmişdir. Bu baxımdan, ölkə Prezidentinin 2018-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın tətbiqi böyük əhəmiyyət daşıyır.
Polis Akademiyasında, eyni zamanda Bakı şəhərində və regionlarda Müvəkkilin təşəbbüsü ilə davamlı olaraq, xüsusilə seçki ərəfəsində polis əməkdaşları üçün maarifləndirici tədbirlər təşkil edilmiş, insan hüquqları sahəsində qarşılıqlı münasibətlər inkişaf etdirilmişdir.
Müvəkkilin Daxili İşlər Nazirliyinə müraciətlərinə əsasən aparılmış araşdırmalar zamanı qanun pozuntularına və polisin nüfuzuna xələl gətirən hərəkətlərə yol vermiş, vətəndaşlarla münasibətdə etik davranış qaydalarına əməl etməyən, o cümlədən "Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi"nin tələblərini pozmuş, vətəndaşlara hörmətsizlik nümayiş etdirmiş, xidməti səlahiyyətlərini aşmış polis əməkdaşlarına, o cümlədən sürücülərlə münasibətdə etik normaları pozan və nöqsanlara yol verən əməkdaşlara qarşı intizam cəzaları da tətbiq edilmiş, mövcud sahədə işin təkmilləşdirilməsi ilə bağlı tədbirlər görülmüşdür.
Daxili İşlər Nazirliyinin rəsmi məlumatına əsasən, 2018-ci ildə polisə gətirmə, saxlanılma və məsuliyyət tədbirlərinin tətbiqi prosesində qanunçuluğa ciddi riayət olunması, insan hüquq və azadlıqlarının təmin edilməsi kimi vacib məsələlər diqqət mərkəzində saxlanılmışdır. Daxili nəzarət qaydasında aşkarlanmış 297 faktdan 84-ü sürücülərin hüquqlarının pozulması, 79-u polisə əsassız gətirmə və saxlama, 67-i vətəndaşlarla kobud rəftar, 9-u əcnəbilərin və vətəndaşlığı olmayanların hüquqlarının pozulması, 8-i əsassız cinayət məsuliyyətinə cəlb etmə, 1-i qanunsuz axtarış, 49-u digər hallar olmuşdur. Həmin faktlar üzrə 399 əməkdaş intizam məsuliyyətinə cəlb edilmişdir ki, onlardan da 27-si daxili işlər orqanlarında xidmətdən xaric olunmuş, 43-ü tutduğu vəzifədən azad edilmiş, 3-nün xüsusi rütbəsi bir pillə aşağı salınmış, 326 əməkdaş barəsində digər tənbeh tədbirləri görülmüşdür.

1.2.  İqtisadi, sosial və mədəni hüquqların müdafiəsi

Əmək hüququ. Mövcud sahədə qanunvericiliyin təkmilləşdirilməsi, habelə dövlət müəssisə və təşkilatlarında çalışan işçilərin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş tədbirlər əhəmiyyətli olmuşdur.
Məşğulluq sahəsində yeni çağırışlara cavab verən “Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli Qanunu, uzunmüddətli dövlət məşğulluq siyasətinin formalaşdırılması məqsədilə ölkə Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmiş “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası” böyük əhəmiyyət daşıyır.
Əmək, məşğulluq, sosial müdafiə və təminat sahələrində göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin və onun “DOST” mərkəzlərinin yaradılması xidmətlərin “bir pəncərə”, habelə operativlik, vətəndaş məmnunluğu, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçirilməsində xüsusi önəm kəsb edir. Həmin nazirlik tərəfindən tətbiq edilən özünəməşğulluq proqramına daha çox ailənin cəlb edilməsi, bununla yanaşı, "ABAD" və “DAİM” mərkəzlərinin yaradılması, qadın sahibkarlara dəstəyin artırılması məşğulluq probleminin həllinə və əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş mühüm tədbirlərdir.
Müvafiq dövlət proqramlarının icrası nəticəsində son on beş ildə 1,96 milyon, 2018-ci ildə isə 118 min yeni iş yeri yaradılmış, işsizlik səviyyəsi 5 faizədək, yoxsulluq səviyyəsi 4,9 faizədək azalmış, əhalinin gəlirləri 5,2 dəfə, minimum əməkhaqqı 3,5 dəfə, orta aylıq nominal əməkhaqqı 3,8 dəfə artmışdır.
Yeri gəlmişkən, ölkə Prezidentinin sərəncamına əsasən, minimum aylıq əməkhaqqı məbləğinin 50 manat artırılması və ölkə üzrə adambaşına yaşayış minimumu məbləğinə çatdırılaraq 180 manat müəyyən edilməsi əhalinin rifah halının yüksəlməsində, 600 mindən artıq insanın əməkhaqlarının artırılmasında, bununla da insan hüquq və azadlıqlarının etibarlı təmin olunmasında böyük dönüş yaratmışdır.
Bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı ölkə Prezidentinin müvafiq fərmanlarında da işsizliyin qarşısının alınması və əmək hüquqlarının müdafiəsi məsələlərinə xüsusi diqqət ayrılmış, ləğv olunan dövlət qurumlarında və onların bölmələrində çalışan işçilərin tabelikdə olan digər qurum və ya bölmələrdə müvafiq vakant vəzifələrə təyin edilməsi ilə bağlı tədbirlər görülməsi tapşırılmışdır.
Əmək hüquqları ilə bağlı Müvəkkilin ünvanına 917 müraciət daxil olmuşdur. Həmin müraciətlərdə, əsasən, qanunvericiliyin tələbləri pozulmaqla özəl müəssisələrdə işdən azad edilmə, işə bərpadan və istehsalatda alınmış xəsarətə görə dəymiş zərərin ödənilməməsi, əmək haqqının və məzuniyyət pulunun gecikdirilməsi, əmək haqqı üzrə borcların ödənilməməsi, son haqq-hesabın və əmək kitabçasının, habelə əmək haqqına nəzərdə tutulmuş bəzi ödənişlərin vergiyə cəlb edilməsi və ya müvafiq əlavələrin hesablanmaması kimi hallar öz əksini tapmışdır.
Müraciətlərin araşdırılması zamanı insanların pozulmuş əmək hüquqlarının bərpası məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti ilə əməkdaşlıqda müxtəlif tədbirlər görülmüşdür. Əmək haqqı borclarının ödənilməməsi halları üzrə araşdırmalar aparılmış və işçilərin pozulmuş hüquqları bərpa edilmişdir.
Bir sıra hallarda işçilərin əmək hüquqlarını pozmuş işəgötürənlər inzibati məsuliyyətə cəlb edilmiş, cərimələr tətbiq olunmuş və ya onlara icrası məcburi olan göstərişlər verilmiş, əmək haqlarının və son haqq-hesabların ödənilməsi təmin olunmuşdur.
Müvəkkilin səyləri nəticəsində bir sıra hallarda işdən azad edilmiş şəxslərin işə bərpası təmin edilmişdir.
Qeyd edilənlərlə yanaşı, işlə təmin edilməkdə köməklik edilməsi ilə bağlı daxil olmuş bir sıra ərizələr üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinə ünvanlanmış sorğulara cavabların təhlilindən görünür ki, təklif edilən iş, xidmət və vəzifələrdən imtina edilməsinin əsas səbəbi ödənilən əmək haqqının az və ya ixtisasına uyğun olmamasıdır. Bununla belə, bir sıra hallarda həm müvafiq xidmətlə əməkdaşlıqda, həm də Müvəkkilin öz təşəbbüsü, səyi və aidiyyəti üzrə müdaxiləsi nəticəsində vətəndaşların işlə təmin edilməsinə nail olunmuşdur.
İdarəetmənin təkmilləşdirilməsi və strukturun optimallaşdırılması zamanı əsaslandırılmamış ixtisarlar bir tərəfdən işsizliyin artmasına, digər tərəfdən də işdə saxlanılanların iş yükünün daha da ağırlaşmasına, nəticədə əmək hüquqlarının pozulmasına səbəb olur.
İşçilərin ixtisarı zamanı nəzərə alınmayan ən ciddi məsələlərdən biri də pensiya yaşının çatmasına azı 5-7 il qalmış şəxsin işdən azad edilməsidir. Bu yaşda şəxslərin, xüsusilə qadınların işlə təmin edilməsi ciddi problemdir. Odur ki, yaşa görə əmək pensiyası yaşına 10 il qalmış qadınların və 7 il qalmış kişilərin əmək müqaviləsinin əsassız ləğv edilməsinin qadağan olunması, bununla bağlı Əmək Məcəlləsinin 79-cu maddəsinə, eyni zamanda işəgötürən tərəfindən müvafiq hallarda işə qəbuldan əsassız imtina edilməsinə görə inzibati məsuliyyətin müəyyən edilməsi məqsədilə İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsinə müvafiq əlavənin edilməsi zəruridir.
Bir sıra sahələrdə, xüsusilə tikinti şirkətlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyi norma və qaydalarına hələ də yetərincə riayət edilmir. Müşahidələrə əsasən demək olar ki, bir çox yeni inşa edilən binalarda fəhlələr hələ də təhlükəli şəraitdə işləyirlər. Bunu nəzərə alaraq, tikinti şirkətləri tərəfindən əməyin mühafizəsi, texniki təhlükəsizlik və istehsal sanitariyası qaydalarına uyğun olan sağlam və təhlükəsiz əmək şəraiti yaradılmasına, habelə tikinti zonası ətrafında təhlükəsizliyin təmin olunmasına nəzarətin gücləndirilməsinə ehtiyac vardır.
Dövlət büdcəsindən maliyyələşdirilən bir sıra qurumlarda əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara şənbə və bazar, habelə bayram günləri üçün müavinətin ödənilməməsi qanunvericiliyin tələblərinə ziddir. Belə ki, müavinət iş günləri üzrə deyil, təqvim günləri üzrə ödənilməlidir. Bunu nəzərə alaraq, müavinətin Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli, 189 saylı qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin 1.1-ci maddəsinə uyğun olaraq, faktiki təqvim günləri üzrə hesablanması təmin edilməlidir.

Sosial təminat hüququ. Respublikamızda həyata keçirilən sosial müdafiə siyasətinin ən mühüm və əsas istiqamətlərindən biri də pensiya təminatı sistemidir.
Müvəkkil illik məruzələrində vətəndaşların əmək pensiyası hüququnun yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edən «Əmək pensiyaları haqqında», həmçinin sosial müavinətlərin təyin olunması və verilməsinin hüquqi əsaslarını tənzimləyən «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası qanunlarının əhalinin hüquqlarının müdafiəsi baxımından yenilənən müasir tələblərə uyğunlaşdırılmasını və təkmilləşdirilməsini təklif etmişdir.
Yeri gəlmişkən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 6-1-ci maddəsi ilə 2017-ci il 1 iyul tarixindən müəyyən olunmuş 110 manat məbləğinin 2019-cu ildə 160 manata çatdırılmasının nəzərdə tutulması pensiya təminatı sahəsində olduqca əhəmiyyətli irəliləyişdir.
Məlumata əsasən, 2018-ci ildə pensiyaçıların sayı 1.384.434, o cümlədən yaşa görə 778.057, əlilliyə görə 389.791, ailə başçısını itirməyə görə isə 150.586 olmuşdur.
Sosial təminata ehtiyacı olan əhali qruplarının vəziyyətinin araşdırılması və qanunvericilikdə bununla bağlı dəyişikliklər aparılması zəruri olmaqla yanaşı, həm də davamlı prosesdir. Müvəkkilin bu sahədə irəli sürdüyü təkliflər də mərhələli şəkildə həllini tapmaqdadır.
Dövlət büdcəsinin xərclər bölümünün tərtibi zamanı sosial müdafiəyə ehtiyacı olan təbəqəyə xüsusi diqqətin nəticəsidir ki, aztəminatlı ailələrin, pensiyaçıların, əlilliyi olan şəxslərin, məcburi köçkünlərin sosial müdafiəsinə ayrılan məbləğlər artırılmışdır.
Birdəfəlik müavinətlər, o cümlədən radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün 237, uşağın anadan olmasına görə 109, dəfn üçün 146 manat müəyyən olunmuşdur.
2018-ci ildə şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 626 mənzil verilmişdir.
Əhalinin qayğıya daha çox ehtiyacı olan qrupların, xüsusilə şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin, habelə Əfqanıstanda beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan hərbi qulluqçuların ailələrinin sosial rifahının yüksəldilməsi yönümündə davam etdirilən tədbirlər, o cümlədən ölkə Prezidentinin 2018-ci il 19 aprel tarixli Fərmanına əsasən, 1997-ci il avqustun 2-dək respublikanın ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə 11.000 manat məbləğində birdəfəlik ödəmənin verilməsinin qərara alınması böyük əhəmiyyət daşıyır.
Sosial təminat hüququ ilə bağlı Müvəkkilin ünvanına 1.889 müraciət daxil olmuş, aparılmış araşdırmalar zamanı pozulmuş hüquqların bərpası üzrə tədbirlər görülmüşdür.
Pensiyanın təyin edilməsi və ya yenidən hesablanması zamanı müəyyən edilmiş məbləğlə, eyni zamanda pensiya ödənişində yaranmış problemlərlə bağlı müraciətlər üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu ilə əməkdaşlıqda aparılmış araşdırmalardan sonra məsələlər öz həllini tapmışdır.
Müvəkkilin müraciətləri nəzərə alınaraq, bir sıra hallarda ehtiyacı olan şəxslərə birdəfəlik yardımlar edilmiş, əlillik dərəcələri təyin edilmiş, müavinətlər verilmiş, həmçinin sanatoriya-kurort müalicəsinə ehtiyacı olan pensiyaçıların isə yollayışla təmin edilmələrinə nail olunmuşdur.
Müvafiq qanunvericilik aktlarının tətbiqi prosesində ünvanlı dövlət sosial yardımı almaq hüququnun təmin edilməsi ilə bağlı aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması üzrə davamlı tədbirlər görülür. Ailə təmsilçilərinə fərdi kommunikasiya vasitələrindən və infoköşklərdən istifadə etməklə müraciət etmək imkanı yaradılmışdır. Buna baxmayaraq, süründürməçilik və pozuntularla bağlı şikayətlərin təhlili göstərir ki, bu sahədə bəzi problemlər hələ də qalmaqdadır.
Müvəkkilin tapşırığına əsasən, MPQ üzvləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sağlamlıq imkanları məhdud uşaqlar, pensiya yaşına çatmış, habelə əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrinə başçəkmələr həyata keçirmiş, saxlanma şəraiti və qidalanma məsələlərini araşdırmış, sakinlərlə görüşmüş, bir qayda olaraq, rəftar və şərait qənaətbəxş qiymətləndirilmiş, bir sıra tövsiyələr verilmişdir.
Şikayətlərin təhlili nəticəsində bu hüququn daha səmərəli təmin edilməsi məqsədilə Müvəkkil tərəfindən qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflər verilmişdir.
Birdəfəlik müavinətlərin ödənilməsi halları bir o qədər çox olmadığını nəzərə alaraq, uşağın anadan olmasına görə, radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün, habelə dəfn üçün nəzərdə tutulmuş müavinətlərin, həmçinin yaşa, ailə başçısını itirməyə görə, şəhid uşaqlarına və bir yaşınadək uşağı olan aztəminatlı ailələrə ödənilən müavinətlərin məbləğinin artırılması məqsədəmüvafiqdir.
Borcun (kreditin) ailə tərəfindən yalnız müvəqqəti istifadə edilə bilən və mütləq qaydada, müqavilə ilə müəyyən edilmiş hallarda hesablanmış faizi ilə qaytarılması vacib olan əmlak olduğu üçün təyinatı nəzərə alınmaqla ailənin gəlirləri sırasından çıxarılması, bununla bağlı Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli, 37 saylı qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 5.9-cu bəndində müvafiq dəyişiklik edilməsi zəruridir.
Qeyd edilməlidir ki, həm anadangəlmə əlilliyi olan - sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, həm də I qrup əlilliyi olan şəxslərə qulluq edən vətəndaşların sığorta stajı və pensiya təminatı ilə bağlı problem hələ də öz həllini tapmamışdır.
Qanunvericiliklə müəyyən edilmiş qaydada I qrup əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud olan 18 yaşınadək uşaqlara ümumilikdə 30 ildən az olmamaqla qulluq edən kişilərin 60, 25 ildən az olmamaqla qulluq edən qadınların isə 55 yaşına çatdıqda güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslər qrupuna aid edilməsi, bu məqsədlə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əlavələr olunması təklif edilir.
Dövlət qulluqçularının sosial təminat hüququnun səmərəli təmin edilməsi üçün dövlət qulluğunda xidmət illərinin minimum həddi kimi müəyyən edilmiş qulluq stajının 15 ildən 10 ilə endirilməsi ilə bağlı “Əmək pensiyaları haqqında”, “Dövlət qulluğu haqqında” və “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər edilməsinə də ehtiyac vardır.

Sağlamlığın qorunması hüququ. Səhiyyənin və tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasına istiqamətlənmiş tədbirlər əhalinin sağlamlığının qorunmasına xidmət etməkdədir. Vətəndaşların sağlamlıq məsələlərini diqqətdə saxlayan ölkə Prezidentinin tapşırığına uyğun olaraq, Bakıda və respublikanın bölgələrində ildə iki dəfə dövlət hesabına əhalinin tibbi müayinəsi təşkil edilir. 2018-ci ildə 5 milyondan çox insan pulsuz tibbi müayinədən keçirilmişdir.
Sağlamlığın qorunması hüququ ilə bağlı Müvəkkilin ünvanına 454 müraciət daxil olmuşdur. Müvəkkilin əsasən Səhiyyə Nazirliyinə, habelə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müraciətləri əsasında vətəndaşların, o cümlədən aztəminatlı ailələrdən olan şəxslərin müalicə və müayinəsi təşkil edilmiş, zəruri hallarda onlara ixtisaslaşdırılmış tibbi yardım göstərilmiş, dərman preparatları ilə təmin edilmişlər.
Yeri gəlmişkən, yeni ildən bütün ölkədə icbari tibbi sığortanın tətbiqi əhali üçün geniş imkanlar yaradacaqdır.
Müraciət edən bir çox vətəndaşların akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda, Milli Onkologiya Mərkəzində, akademik M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasında, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində, Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda və digər ixtisaslaşmış klinikalarda müayinə və müalicələri təşkil edilmişdir.
Böyrək köçürülməsinə göstəriş olan xəstələrin sayının artması yeni mərkəzlərin yaradılmasını, onların mütəmadi dərman təminatını və davamlı müalicəsini zəruri edir. Böyrəkköçürmə əməliyyatının aparılmasına tibbi göstərişin olmasını müəyyən etmək məqsədilə bir sıra vətəndaşlarla bağlı müraciətlər və onların tibbi sənədləri Müvəkkilin müraciətindən sonra müvafiq xüsusi komissiyaya təqdim edilmişdir.
Dövlət hesabına dərman preparatları ilə təmin edilən, imtiyazlı qruplardan olan vətəndaşların şikayəti müvafiq xəstəliyin müalicəsi üzrə dərman preparatlarının növlərinin və ya əvəzedicilərinin az olması və ya olmamasıdır. Odur ki, tələbata müvafiq olaraq, xüsusilə hepatit, şəkərli diabet, hemofiliya, talassemiya, habelə başqa xəstəliklər də nəzərə alınaraq, Nazirlər Kabinetinin 2005-ci il 7 mart tarixli, 38 saylı Qərarının 2-ci bəndində nəzərdə tutulmuş və Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş "Pulsuz dərman reseptləri əsasında verilən dərman preparatlarının siyahısı"nda dövriyyədən çıxarılmışların yeni tövsiyə edilən dərmanlarla əvəz olunması zəruridir.
Reproduktiv sağlamlıq və ailə planlaşdırılması üzrə milli strategiyanın hazırlanması, təsdiq edilməsi və icma səviyyəsində tətbiqi xüsusi əhəmiyyət daşıyır.
Milli genefondun və gələcək nəsillərin sağlamlığının qorunması məqsədilə körpələrin və erkən yaşlı uşaqların milli mənsubiyyətinin və mədəniyyətinin özəlliklərini, genetik kodu özündə daşıyan, nəsildən-nəslə ötürən ana südü ilə qidalanmasının “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında” Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli, 475-IIQ saylı Qanununa uyğun səmərəli təşkili məqsədilə “ana südü mətbəxi”nin (bankının) bərpa edilməsi zəruridir.
 Müvəkkil “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, süni qida məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətini qanunvericilikdə müəyyən olunmuş qaydada öz səlahiyyətləri daxilində həyata keçirən Qida Təhlükəsizliyi Agentliyinə müvafiq sahəyə nəzarətin daha da gücləndirilməsini, istər respublikada istehsal olunan, istərsə də idxal edilən həmin məhsulların ciddi nəzarətə götürülməsini tövsiyə edir.
Ana və körpələrin sağlamlığının qorunması sahəsində digər ciddi məsələ əksər tibb ocaqlarında, xüsusilə özəl tibb müəssisələrində qeysəriyyə əməliyyatına üstünlük verilməsidir. Ölkəmizdə, hətta regionlarda yayılmış və artmaqda olan bu cərrahi müdaxilə buna həyati tibbi göstəriş olduğu hallar istisna olmaqla, bir çox digər hallarda asan seçim yolu və daha çox qazanc üsulu kimi istifadə edilir. Bu da istər bilavasitə, istərsə də perspektivdə ana və uşaqların sağlamlığının təhlükələrlə üzləşməsinə səbəb olur. Odur ki, belə halların qarşısını almaq məqsədilə buna yol verən həkimlərlə bağlı hüquqi məsuliyyətin müəyyən edilməsinə və əhali arasında problemlə bağlı maarifləndirmə işinin gücləndirilməsinə ehtiyac vardır.
Vərəm, hepatit, xərçəng və başqa xəstəliklərin, əqli pozuntuların baş verməsinə, işləmək və nəsilartırma qabiliyyətinin itirilməsinə səbəb olan narkomaniyaya, habelə virus xəstəliklərinə yoluxma ehtimalını artıran İİV/QİÇS, alkoqolizmə, toksikomaniyaya və tütün çəkməyə qarşı mübarizə gücləndirilməlidir.
Tibbi xidmətlərin səmərəliliyinin artırılması məqsədilə ictimai səhiyyənin effektivliyinin gücləndirilməsi, uşaq və gənclərin zərərli vərdişlərə aludəliyinin qarşısının alınması, sağlam həyat tərzinin aşılanması üzrə proqramların, məlumatlandırıcı verilişlərin artırılması, sağlamlıq, idman və digər profilaktik tədbirlərin genişləndirilməsi, xüsusilə erkən yaşlardan maarifləndirmənin aparılması və asudə vaxtın səmərəli təşkili üzrə tədbirlərin görülməsi zəruridir.
Təhlükəli yoluxucu xəstəliklər siyahısına daxil edilmiş “B” və “C” hepatit xəstəliyinin müalicəsinin təşkili məqsədilə daxil olmuş müraciətlər Səhiyyə Nazirliyinin bu xəstəliklərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə komissiyasına göndərilmiş, belə şəxslər müalicəyə cəlb edilmişlər. Bu xəstələrin dərman preparatları ilə təmin olunması üçün müvafiq siyahının genişləndirilməsi məqsədəuyğundur.
Dövlət proqramları çərçivəsində irsi qan xəstəlikləri ilə mübarizədə də böyük irəliləyişlər əldə edilmişdir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə tikilib istifadəyə verilən Respublika Talassemiya Mərkəzində xəstələrin normal həyat fəaliyyətinin təmin olunması hesabına son illərdə bu səbəbdən ölüm göstəricisi bir neçə dəfə azalmışdır. 
Görülmüş tədbirlər nəticəsində müalicə-profilaktika müəssisələrinin, talassemiyalı və hemofiliyalı, habelə hemodializ müalicəsi alan xəstələrin qan və onun komponentləri ilə təmin edilməsində mövcud olan problemlər demək olar ki, həllini tapmışdır.
Respublikada hematoloji yardım göstərən tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir tibbi avadanlıqlarla təchizatının yaxşılaşdırılması, kadr potensialının gücləndirilməsi nəticəsində qanın bədxassəli xəstəliklərinin diaqnostikası və müalicəsində müəyyən irəliləyişə nail olunmuşdur.
Xroniki, habelə ağır olmaqla yanaşı, ciddi fəsadlarla müşayiət olunan, ailələr və ölkə üçün böyük problemlər yaradan diabet xəstəliyinin xeyli “cavanlaşaraq” uşaqlar arasında da geniş yayıldığı, böyük narahatlıq doğurduğu, tibbi, sosial, iqtisadi, psixoloji və digər problemlər yaratdığı bir daha xüsusi diqqətə alınmalıdır.
Müvəkkilin əvvəlki illik məruzələrində irəli sürdüyü, sosial sahədə aparılan islahatlar çərçivəsində Mingəçevirdə, habelə Yevlax və Ağdaş rayonlarında həyata keçirilən icbari tibbi sığorta sistemi getdikcə genişləndirilməkdədir ki, bu da tibbi xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılmasına, vətəndaşlara göstərilən tibbi xidmətlərin səviyyəsinin artırılmasına, pasiyentlərin hüquqlarının etibarlı müdafiəsinə böyük imkanlar yaradır.
Ruhi xəstələrin hüquqlarının təmin edilməsi vəziyyətini diqqətdə saxlayan Müvəkkil və MPQ tərəfindən respublikanın psixiatriya müəssisələrinə başçəkmələr həyata keçirilmiş, rəftar, saxlanılma şəraiti, qidalanma və tibbi yardımın vəziyyəti, yerləşdirilməsi və saxlanılmanın qanuniliyini təsdiq edən sənədlər araşdırılmış, müayinə və müalicə prosesi öyrənilmiş, aşkar olunmuş nöqsanların aradan qaldırılması ilə bağlı müəssisə rəhbərlərinə tövsiyələr verilmişdir. Başçəkmələrin nəticəsi olaraq, beynəlxalq standartlara cavab verməyən ruhi-əsəb müəssisələri binalarının yenidən qurulması və ya əsaslı təmir edilməsi, bu müəssisələrdə müalicə alan xəstələrin qida və tibbi təminatının yaxşılaşdırılması, personalın sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı Səhiyyə Nazirliyinə təkliflər göndərilmişdir.

Təhsil hüququ. Son illərdə müxtəlif şəhər və rayonlarda 3200-dən artıq məktəbdə tikinti, əsaslı təmir-bərpa və yenidənqurma işləri aparılmış, tədris və dərs vəsaitləri, müasir avadanlıqlarla təchiz olunmuş, təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi əhəmiyyətli dərəcədə genişlənmişdir.
2018-ci ildə ölkə Prezidentinin göstərişi ilə 43 rayonda 8120 şagird yerlik 140-dan çox modul tipli məktəb quraşdırılmışdır.
Təhsil hüququ ilə bağlı 181 müraciət daxil olmuşdur. Müraciətlərin təhlilinə görə qeyd edilməlidir ki, bir sıra orta məktəblərdə mövcud olan qeyri-sağlam mühit, müəllimlər arasında münasibətlərin pozulması, məktəb rəhbərliyi və müəllimlər tərəfindən şagird və valideynlərə qarşı qərəzli münasibət, bəzən də hədə-qorxu və təhqirlə müşayiət olunan hallar tədris prosesinə mənfi təsir göstərir. Odur ki, məktəblərdə şagirdlərə qarşı kobud və ləyaqəti alçaldan hərəkətlərə yol verilməsinə görə məsuliyyət artırılmalıdır. Bununla yanaşı, şagirdlərin təhsildən kənarda qalması səbəbləri əsaslı təhlil edilməlidir.
Təhsil prosesində əldə olunan bilik və bacarıqlar, etik-əxlaqi norma və dəyərlər hər bir təhsilalanın cəmiyyətin layiqli üzvü olması üçün lazımi şərait yaratmalı, əldə etdiyi bilik və davranış sayəsində onu digərlərinə örnək ola biləcək vətəndaşa çevrilməsinə imkan verməlidir. Lakin bəzən təlim-tərbiyə işinin düzgün qurulmaması, şagirdlər arasında psixoloji, habelə izahat işinin aparılmaması problemlərin dərinləşməsinə səbəb olur.
Tədrisin və təlim-tərbiyənin vəziyyətinə cavabdeh olan məktəb rəhbərliyi baş vermiş hadisələrin qarşısını almaq, qeyri-sağlam şəraiti aradan qaldırmaq, sosial-mənəvi aspektlərə əsaslanan preventiv tədbirlər həyata keçirmək əvəzinə, mənəvi və hüquqi məsuliyyəti dərk etmədən bir çox hallarda özləri müxtəlif mənfi halların yaranmasına səbəb olurlar.
Şikayətlərdə öz əksini tapmış halların yoxlanılması prosesində bəzi məktəb direktorlarının müəllimlərə və şagirdlərə qarşı münasibətdə ayrı-seçkiliyə yol verməsi, pedaqoji kollektivdə qarşılıqlı gərgin münasibətlər, qanun pozuntularına yol verilməsi kimi hallar müəyyən edilmiş, Təhsil Nazirliyi ilə əməkdaşlıqda araşdırmalar aparılmış, zəruri hallarda monitorinqlər həyata keçirilmiş, nöqsanların aradan qaldırılması üzrə tövsiyələr verilmiş və ya aidiyyəti üzrə müraciətlər olunmuş, bəzi hallarda pozulmuş hüquqlar bərpa edilmişdir.
Yoxlamalar nəticəsində məktəblərdə təlim-tərbiyənin və tədrisin təşkili ilə bağlı şikayətlər də araşdırılmış, aşkar edilmiş nöqsan və çatışmazlıqlar aradan qaldırılmış, təqsirkar tədris işçiləri cəzalandırılmışlar.
Məktəblərin birinci siniflərinə qəbul üçün elektron ərizələrin qeydiyyatının seçim əsasında qəbul komissiyasında və ya Bakı şəhərinin rayonlarında fəaliyyət göstərən alternativ sənəd qəbulu komissiyaları tərəfindən aparılmasına baxmayaraq, bir sıra şikayətlərdə qeyd edilən sahənin problemləri öz əksini tapmışdır.
Ailənin maddi durumu nəzərə alınaraq, orta ümumtəhsil məktəbində yerdəyişmə ilə bağlı müraciətlər də öz həllini tapmışdır.
Əsas və orta təhsildən yayınan uşaqlara münasibətdə istər valideynlər, istərsə də təhsil müəssisələri tərəfindən tərbiyəvi tədbirlərin vaxtında və düzgün tətbiq edilməməsi, nəzarətin aparılmaması, məktəblərdə psixoloqun olduğu halda da işin yararlı səviyyədə olmaması uşaq və yeniyetmələrdə xəta və hüquqpozmalara meylliliyin yaranması və hətta artması, inzibati xəta, habelə cinayət hadisələrinin baş verməsi ilə nəticələnir.
Uşaq və yeniyetmələrlə işləyən və ya onlara ünvanlanmış tədbirləri həyata keçirən hər bir şəxs, xüsusilə müəllimlər, kütləvi informasiya vasitələrinin nümayəndələri istər uşaqlar arasında dövriyyəsi qadağan edilən, istərsə də məhdudlaşdırılan informasiyaların uşaqlar üçün zərərli olduğunu nəzərə almalıdırlar.
Müvəkkil hələ ötən dövrlərdə uşağın icbari təhsildən yayınmasında günahkar olan şəxslərə münasibətdə inzibati məsuliyyətin müəyyən edilməsini, bununla yanaşı, valideyn və müəllim məsuliyyətinin artırılmasını, valideyn vəzifələrini tənzimləyən normativ-hüquqi bazanın təkmilləşdirilməsini təklif etmişdir.
Genişmiqyaslı təmir-tikinti işlərinin aparılması ilə yanaşı, respublikanın kənd rayonlarında olan bir sıra məktəblərin və uşaq bağçalarının binaları hələ də tədris prosesi üçün yararsız, bəziləri isə hətta qəzalı vəziyyətdədir. Müvəkkil qeyd edilənləri, xüsusilə respublikanın regionlarına səfərləri zamanı şəxsi müşahidələrinə, habelə kollektivlərlə və əhali qrupları ilə görüşlərinin nəticələrinə əsaslanaraq, Təhsil Nazirliyinin və yerli icra hakimiyyəti orqanlarının Fövqəladə Hallar Nazirliyi ilə birlikdə regionlarda, o cümlədən məcburi köçkünlərin sıx məskunlaşdıqları yerlərdə monitorinqlər aparmaqla hələ də qəzalı vəziyyətdə olan məktəb və uşaq bağçalarının müəyyən edilərək yenidən qurulması və ya əsaslı təmir edilməsi, eyni zamanda məktəbəqədər təhsil müəssisələrini Təhsil Nazirliyinin tabeliyinə qaytarmaqla, büdcəsindən maliyyələşdirilməsini təklif etmişdir.
Orta məktəblərdə əsas və tam orta təhsil üzrə keçirilmiş yekun qiymətləndirmənin nəticələrinə dair məlumatlar təhsilin real vəziyyəti ilə bağlı bir daha dərindən düşünməyi və təxirəsalınmaz tədbirlərin görülməsini tələb edir.
Yekun qiymətləndirmənin aparılması bu prosesin mərhələlərə bölünməklə mürəkkəbləşdirilməsinə deyil, əksinə, onun daha da sadələşdirilməsinə xidmət etməli, eyni zamanda müvafiq kontingentə verilən təhsilin real səviyyəsinə uyğun olmalıdır. Digər tərəfdən, açıq və qapalı suallardan ibarət yekun qiymətləndirmə və imtahan suallarının sayı ilə onların həllinə ayrılmış vaxt arasındakı uyğunsuzluq şagirdlərə orta məktəblərdə verilmiş təhsilin obyektiv qiymətləndirilməsinə də mane olur. Qeyd olunan reallığın nəzərə alınmaması X və XI siniflərdə təhsil alan şagirdlərin repetitorlara üz tutması ilə nəticələnir.
Obyektiv nəticənin əldə edilməsi və işlək mexanizmin yaradılması məqsədilə belə taleyüklü ciddi qərarların qəbul edilməsi zamanı müəllimlərdən, mütəxəssislərdən və ekspertlərdən ibarət müzakirələrin keçirilməsi əvəzinə, respublikanın qabaqcıl müəllim heyətinin və valideynlərin fəal iştirakı ilə geniş ümumrespublika müzakirələrinin keçirilməsi daha məqsədəuyğun olardı. Ümumilikdə isə təhsil sahəsi təcrübələr poliqonuna çevrilməməlidir.
Nitq qabiliyyəti, eşitmə azlığı, autizm sindromu və digər bu kimi səbəblərlə əlaqədar olaraq zəif inkişaf edən, lakin reabilitasiya potensialına malik uşaqların bərpa prosesinə cəlb olunması və ümumi təyinatlı təhsil müəssisələrində digər həmyaşıdları ilə birgə inklüziv təhsil alması üçün ehtiyaca uyğun zəruri şəraitin yaradılması da vacibdir.
MPQ üzvləri tərəfindən Təhsil Nazirliyinin Quba Xüsusi Peşə Məktəbinə və Valideyn Himayəsindən Məhrum Olmuş Uşaqlar üçün Tam Orta  İnternat Məktəbinə əvvəlcədən xəbərdarlıq etmədən növbəti başçəkmələr həyata keçirmiş, uşaqların saxlanılma şəraitini və müəssisə əməkdaşlarının onlarla rəftarı məsələlərini, habelə uşaq hüquqlarının təmin olunması vəziyyəti araşdırılmışdır.
Quba Xüsusi Peşə Məktəbində sinif, tərbiyə və istirahət otaqlarına, kitabxanaya, mətbəxə, yeməkxanaya, hamama, inzibati otaqlara və ümumi əraziyə baxış keçirilmiş və infrastrukturun uşaqlar üçün uyğun olmadığı, eyni zamanda uşaqların keyfiyyətli təhsil, asudə vaxtlarının səmərəli təşkili, peşə vərdişlərinə yiyələnmələri üçün imkanların çox aşağı səviyyədə olduğu müşahidə edilmişdir. Müvəkkil məktəb binasının əsaslı təmir edilməsi, saxlanma şəraitinin təkmilləşdirilməsi və müasir standartlara uyğun vəziyyətə gətirilməsi ilə bağlı Təhsil Nazirliyinə müraciət etmişdir.
Ölkənin davamlı inkişafının təmin edilməsi üçün müasir tələblərə cavab verən kadr hazırlığı prioritet təşkil edir. Odur ki, gənclərin elmə, yeni texnologiyalara və qabaqcıl biliklərə marağının getdikcə artdığını nəzərə alaraq, müasir çağırışlara cavab verən təhsil proqramlarının hazırlanması və tətbiqi zəruridir.
Təqaüdün müəyyən edilməsi, diplomun verilməsi, təhsil haqqından azad edilməklə bağlı müraciətlər araşdırılmış və nəticələndirilmişdir.
Ehtiyaclar nəzərə alınmaqla yeni tələbə yataqxanalarının bərpa və ya inşa edilməsi, eyni zamanda belə yataqxanalarda məskunlaşmış məcburi köçkünlərin onlar üçün tikilmiş və ya başqa yeni mənzillərə köçürülməsinin sürətləndirilməsi həlli vacib olan məsələlərdəndir.

Mənzil hüququ. Mənzilə ehtiyacı olan şəxslərin real imkanlarına cavab verən mənzil siyasətinin formalaşdırılması, köhnə və qəzalı mənzillərdə yaşayanların köçürülməsi, ipoteka kreditlərinin verilməsi şərtlərinin asanlaşdırılması, sosial ipotekanın tətbiqi bu hüququn səmərəli təmin edilməsinə imkan verir.
Əhalinin mənzil-məişət şəraitinin yaxşılaşmasına dair tədbirlər çərçivəsində həm Bakı şəhərində, həm də respublikanın şəhər və rayonlarında istismar müddəti başa çatmış çoxmərtəbəli binaların sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, o cümlədən çoxmənzilli yaşayış binalarının tikintisi məqsədi ilə müxtəlif vaxtlarda ölkə Prezidentinin sərəncamları ilə vəsaitlər ayrılmışdır.
Ölkə Prezidentinin Şamaxıda təbii fəlakət nəticəsində evləri ziyan çəkmiş vətəndaşlarla görüşləri, habelə Şamaxı, İsmayıllı və Ağsu rayonlarında dəymiş ziyanın aradan qaldırılması, sosial infrastrukturun bərpası üzrə müvafiq qurumlara tapşırıqları minnətdarlıqla qarşılanmışdır.
Ölkə Prezidentinin müvafiq fərmanı ilə yerli icra hakimiyyəti orqanları tərəfindən yalnız tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi olduqda tikintiyə icazə verilməsinin müəyyən edilməsi Bakıda şəhərsalma və memarlıq tələblərinin pozulması ilə inşasına icazə verilən tikintilərin qarşısını ala bilər.
Vətəndaşların uyğun qiymətə mənzilə olan ehtiyacının ödənilməsini təmin etmək məqsədilə Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən “Güzəştli mənzil” sistemi vasitəsilə Yasamal Yaşayış Kompleksində satışa çıxarılmış sosial mənzillərin bir hissəsinin alqı-satqısı başa çatdırılmış, mənzilləri həm öz vəsaiti hesabına, həm də güzəştli ipoteka krediti vasitəsilə alan vətəndaşlara müvafiq endirimlər tətbiq olunmuşdur. Bununla yanaşı, ən azı 15 il ümumtəhsil məktəbində müəllim və ya tibb müəssisələrində həkim işləyən şəxslərə ipoteka kreditinin verilməsində güzəştlərin tətbiq edilməsi, bu məqsədlə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli, 940 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”na müvafiq bəndin əlavə edilməsi məqsədəuyğundur.
Mənzil hüququ ilə bağlı 422 müraciət daxil olmuşdur. Bu müraciətlərdə əsasən, yerli icra hakimiyyəti orqanları tərəfindən fərdi mənzil tikintisi ilə bağlı müraciətlərə cavab verilməməsi, süründürməçiliyə yol verilməsi, təbii fəlakətin vurduğu ziyanın aradan qaldırılması, yaşayış sahəsinin təmiri üçün maddi köməklik göstərilməsi, ətrafda aparılan tikinti işləri ilə bağlı ev və mənzillərə ziyan dəyməsi, fərdi ev tikintisi üçün torpaq sahəsinin verilməsi, çoxmənzilli binalardan mənzil alan vətəndaşların mənzillərinin bir neçə nəfərə satılması, dələduzluq yolu ilə aldadılması kimi hallar öz əksini tapmışdır.
Mənzillərin dövlət ehtiyacları məqsədilə alınması zamanı ödənilən kompensasiyanın məbləğindən narazı insanların müraciətləri üzrə bir sıra araşdırmalar aparılmış, bəziləri həll olunmuşdur.
Ötən illərdə ölkə əhalisinin müəyyən hissəsinin üzləşdiyi ciddi problemlərdən biri də baş vermiş təbii fəlakətlər, o cümlədən sel, torpaq sürüşməsi, zəlzələlər, xüsusilə də  Kür və Araz çaylarında baş verən daşqınlar nəticəsində ev və təsərrüfatların tam və ya qismən dağılması və yararsız vəziyyətə düşməsi ilə bağlı olmuşdur. Lakin zəruri maliyyə vəsaitinin tam həcmdə ayrılmaması səbəbindən müəyyən edilmiş tədbirləri başa çatdırmaq mümkün olmamışdır. Odur ki, Müvəkkil təbii fəlakətlər nəticəsində fərdi yaşayış evlərinə dəymiş ziyanın aradan qaldırılması məqsədilə zəruri maliyyə vəsaitinin ayrılmasını təklif edir.
Bir sıra tikinti şirkətləri tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış binalarında eyni mənzilin bir neçə nəfərə satılması çoxsaylı insanların mənzil və mülkiyyət hüquqları pozulmaqda davam etmişdir.
Aztəminatlı ailələrdən Müvəkkilin ünvanına daxil olmuş, maddi imkansızlıq səbəbindən evləri yararsız vəziyyətə düşmüş vətəndaşların da müraciətlərinə xüsusi həssaslıqla yanaşılmış, aidiyyəti üzrə müraciətlərdən sonra bəzi vətəndaşlara yardımlar edilmiş, habelə fərdi ev tikintisi üçün torpaq sahəsi və ya yaşayış yeri ilə təmin edilmişlər.
Tikinti şirkətləri tərəfindən xüsusilə yol kənarlarında, habelə piyadaların gediş-gəlişi üçün nəzərdə tutulmuş yerlərdə inşa edilən bir sıra hündürmərtəbəli binalarda demək olar ki, təhlükəsizlik qaydalarına riayət edilmir ki, bu da ətrafda yaşayan sakinlərin və ya piyadaların həyatını təhlükə altında qoyur.
Bakı şəhərində son on beş ildə geniş vüsət almış müasir tipli hündürmərtəbəli yaşayış binalarının inşası davam etdirilməkdədir. Lakin bəzi işbazlar tərəfindən xarici ölkələrdən respublikamıza gətirilən, müəyyən edilmiş standartlara cavab verməyən tikinti materiallarının yararlığının yoxlanılmaması, habelə bəzi tikinti şirkətləri tərəfindən hündürmərtəbəli binaların tikintisində istifadə edilməsi kimi məlumatlar böyük narahatlıq doğurur. Bu problem Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən araşdırılmalı, mövcud standartlara uyğun olmayan inşaat materialları satışdan və istifadədən çıxarılmalı, günahkar şəxslər barəsində isə qanunla müəyyən edilmiş ciddi tədbirlər görülməlidir.
Qanunsuz məskunlaşmaya şərait yaradan tikinti şirkətlərinin yaratdığı vəziyyət sakinlərin ən müxtəlif problemlərlə üzləşməsinə səbəb olmaqdadır. Əksər hissəsi artıq məskunlaşmış bir çox hündürmərtəbəli yaşayış binaları enerji və su ilə təchiz edilsə də, hələ də qazlaşdırılmamışdır. Müvəkkil təklif edir ki, bu kimi halların qarşısının alınması məqsədilə qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qəbul komissiyası tərəfindən istismarına icazə verilməyən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmayan, sığorta edilməyən çoxmənzilli binalarda mənzillərin satılmasına qanunla qadağa qoyulsun.
Yeri gəlmişkən, “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” ölkə Prezidentinin 2019-cu il 19 fevral tarifli Fərmanı istismarına icazə verilməmiş çoxmənzilli yaşayış binalarının istismarına icazə prosedurunun və müddətinin optimallaşdırılması sakinlərin mənafelərinin və vətəndaş məmnunluğunun təmin edilməsi, habelə bu sahədə mövcud olan çoxsaylı problemlərin, o cümlədən sakinlərin sənədləşmə məsələlərinin həlli baxımından böyük əhəmiyyət daşıyır.
Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, barəsində məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış evlərinin tikintisinə icazənin alınması tələb edilmir. Həmin məcəllədə nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. Lakin bir sıra şikayətlərdə fərdi evin tikilməsi üçün rayon icra hakimiyyətlərinə göndərilən sənədlərə əksər vaxtlarda heç bir münasibət bildirilmədiyi və ya mənfi cavab verildiyi qeyd edilmişdir. Məhz qeyd edilən səbəbdən fərdi ev tikməklə mənzil-məişət şəraitini yaxşılaşdırmaq istəyində olan vətəndaşlara öz mənzil hüququnu reallaşdırmağa imkan verilmir.
Bakı şəhərinin “Bayıl” və “Çəmbərəkənd” yamaclarında baş verən və davam etməkdə olan torpaq sürüşməsi nəticəsində həmin ərazidə yerləşən evlərdə yaşayan insanların təhlükəsiz yaşamaq və mənzil hüquqlarının təmin edilməsi zəruridir.
Əsasən evlərin özbaşına və plansız şəkildə tikildiyi həmin ərazidə cavabdeh dövlət qurumları və təşkilatları tərəfindən qrunt sularının axıdılması üçün drenaj şəbəkəsinin quraşdırılmaması, çirkab suları üçün kanalizasiya xətlərinin çəkilməməsi, özbaşına tikililərin qarşısının alınmaması ciddi problemlərin yaranmasına səbəb olmuşdur. Bu məqsədlə Bakı şəhərində və respublikanın müxtəlif ərazilərində torpaq sürüşməsinin törətdiyi fəsadların aradan qaldırılması və sakinlərin təhlükəsizliyinin təmin edilməsi üzrə ciddi tədbirlər görülməlidir.
 Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli, 940 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”na görə bir sıra şəxslər güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malikdirlər. Ən azı 15 il ümumtəhsil məktəbində müəllim və ya tibb müəssisələrində həkim işləyən şəxslərə də ipoteka kreditinin verilməsində güzəştlərin tətbiq edilməsi, həmçinin dövlət qulluğunda olan, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxslər üçün güzəştli ipoteka kreditindən istifadə etmək hüququnun əldə edilməsi ilə bağlı müəyyən edilmiş 15 il iş stajının digər imtiyazlı peşə sahiblərinin staj müddətinə uyğunlaşdırılması (ən azı 5 və ya 7 ilə endirilməsi) məqsədilə həmin Qaydalara dəyişikliklərin edilməsini bir daha təklif edir.

Biznes və insan hüquqları. Müvəkkilin təşəbbüsü ilə aidiyyəti dövlət qurumlarının və kütləvi informasiya vasitələrinin nümayəndələrindən ibarət tərkibdə fəaliyyət göstərən “Biznes və İnsan Hüquqları” üzrə İşçi Qrupunun fəaliyyəti davam etdirilmiş, müvafiq mövzular üzrə tədbirlər təşkil olunmuşdur.
“Tikintidə təhlükəsizlik biznes və insan hüquqları kontekstində” mövzusuna həsr olunmuş dəyirmi masada əməyin mühafizəsi, tikintidə təhlükəsizlik norma və qaydaları, həmçinin təhlükəsiz yaşamaq hüququnun təmini ilə bağlı digər mühüm məsələlər müzakirə olunmuşdur.
Ölkəmizdə, digər sahələrlə yanaşı, tikinti sahəsinin də sürətlə inkişaf etdiyi bir şəraitdə tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində dövlət səviyyəsində bir sıra məqsədyönlü tədbirlər həyata keçirilmiş, qanunvericilik bazası təkmilləşdirilmişdir.
Bununla belə, bir sıra problemlər hələ də qalmaqdadır. Xüsusən yeni yaşayış massivlərinin salınması ilə mövcud kommunikasiya şəbəkələrinin həddən artıq yüklənməsi, bu səbəbdən yağıntılar zamanı şəhərin müxtəlif ərazilərinin su altında qalması, bəzi binaların bir-birinə yaxın tikilməsi nəticəsində havalanma və insolyasiya (mənzillərə təbii günəş işığının düşməsi) normalarının pozulması ilə nəticələnir.
Tikinti aparılan ərazinin normalara uyğun hasara alınmaması, təhlükəsizlik qaydalarına əməl edilməməsi ilə insanların həyat və sağlamlıqları, o cümlədən əmlakı üçün təhlükənin yaranması; tikinti şirkətləri tərəfindən keyfiyyətsiz tikinti materiallarından istifadə olunması; bir sıra tikinti şirkətləri tərəfindən xərclərə qənaət edilməsi məqsədi ilə qeyri-peşəkar şəxslərin işçi qismində tikinti prosesinə cəlb edilməsi; əməyin təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlərin görülməməsi; yaşayış binalarının “əraziyə qənaət” prinsipi ilə inşa edilməsi səbəbindən bina sakinlərinin istirahəti üçün ərazinin ayrılmaması, o cümlədən, uşaq meydançalarının nəzərdə tutulmaması və bu kimi digər hallara da rast gəlinir ki, bütün bunlara qarşı mübarizənin gücləndirilməsi vacib şərtdir.
Tədbirdə tikinti sahəsində aidiyyəti qurumların fəaliyyətinin əlaqələndirilməsi və idarəetmənin mərkəzləşdirilməsi, prosedur qaydalarının sadələşdirilməsi, tikinti layihələrinin həyata keçirilməsi zamanı milli memarlıq üslubuna üstünlük verilməsi, yerli memarların imkanlarından daha geniş istifadə olunması və s. bu kimi təkliflər səslənmiş və qeyd olunan təkliflər ölkə Prezidentinin “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 1 avqust 2018-ci il tarixli, 226 saylı Fərmanında nəzərə alınmışdır. 
“Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında təhlükəsiz və sağlam əmək şəraitinin təmin edilməsi sahəsində işin gücləndirilməsi, əməyin mühafizəsi və əmək şəraitinin yaxşılaşdırılması üzrə Dövlət Proqramının qəbul edilməsi prosesinin sürətləndirilməsi də həlli vacib olan məsələlərdəndir.
İşçi Qrupunun növbəti toplantısı “Qida təhlükəsizliyi məsələləri Biznes və insan hüquqları kontestində” mövzusuna həsr olunmuşdur.
Əhalinin təhlükəsiz ərzaq məhsulları ilə təmin edilməsi ölkənin iqtisadi və milli təhlükəsizliyinin ayrılmaz hissəsi olmaqla, dövlət üçün mühüm əhəmiyyət kəsb edən və həlli vacib olan sosial-iqtisadi məsələlərdən biridir. Bu sahə milli, iqtisadi, sosial, demoqrafik və ekoloji faktorların geniş spektrini əhatə edir və mümkün resursların səfərbər edilməsini, iqtisadi islahatlar strategiyasının işlənib hazırlanmasını, effektiv hüquqi normaların tətbiqini şərtləndirir.
İnsanların həyat və sağlamlığı üçün təhlükəli qida, eyni zamanda ölkələrin səhiyyə sisteminə əlavə yük olmaqla yanaşı, iqtisadi inkişaf üçün ciddi maneələr yaradır, turizm və ticarət sahələrinə də əhəmiyyətli ziyan vurur. Təsadüfi deyildir ki, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərində ərzaq təhlükəsizliyinin təmini, dayanıqlı kənd təsərrüfatının təşviqi, yaşından asılı olmayaraq hər kəsin sağlam yaşamasının, təmiz su və sanitar-gigiyenik normaların təmini məsələləri ayrıca məqsədlər kimi əks etdirilmişdir.
Ölkədə qida təhlükəsizliyinin təmin olunması ilə bağlı əsaslı işlər görülmüş, Qida Təhlükəsizliyi Agentliyi yaradılaraq fəaliyyətə başlamışdır. Bununla yanaşı, qida təhlükəsizliyi sahəsində elmi-praktiki araşdırmaların aparılması, qida məhsullarının laborator analizi və ekspertizası xidmətlərinin göstərilməsi, qida təhlükəsizliyi sahəsində mütəxəssislərin hazırlanması və qanunvericiliklə müəyyən edilmiş digər funksiyaları həyata keçirən, müasir avadanlıqlarla təchiz olunmuş Qida Təhlükəsizliyi İnstitutunun təsis edilməsi bu sahədə görülmüş mühüm tədbirlərdəndir.
Müvəkkil qida təhlükəsizliyinin təmin olunması məqsədi ilə ictimai nəzarətin gücləndirilməsini, aidiyyəti dövlət qurumları, QHT və vətəndaş cəmiyyətləri arasında şəbəkə şəklində sıx əməkdaşlığın və operativ əlaqələndirmənin qurulmasını, biznes qurumlarının vətəndaş cəmiyyəti institutları ilə birgə əməkdaşlığının təşviq edilməsini, Müvəkkilin regional mərkəzlərinin imkanlarından istifadə etməklə bölgələrdə birgə monitorinqlərin aparılmasını, istehlakçıların iştirakı ilə geniş marifləndirmə tədbirlərinin həyata keçirilməsini, çap materiallarının, məlumat kitabçalarının hazırlanmasını təklif edir.
Milli iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində qida zənciri üzrə itki və tullantıların azaldılması, yenidən emalı imkanlarının genişləndirilməsi nəzərdə tutulmuşdur. Bu tədbirlər çərçivəsində şadlıq saraylarında, kafe və restoranlarda, istirahət mərkəzlərində, otellərdə qida məhsulları ilə bağlı israfçılıq və nəticədə yaranan böyük miqdarda qida tullantılarına qarşı tədbirlərin görülməsi, bununla əlaqədar maarifləndirmə işinin aparılması zəruridir.
Yetkinlik yaşına çatmayanlara energetik içkilərin satışı qadağan edilməli, bu barədə məhsulun üzərində müvafiq qeydlər aparılmalı, yağ və digər süd məhsullarının fitosanitar nəzarətdən keçirilmədən kənd məhsulları adı altında satışına nəzarət gücləndirilməli, satış yerlərində orqanik məhsulların fərqləndirilməsi üçün məhsulun üzərində bununla bağlı qeyd göstərilməli, təhsil müəssisələrində qidanın təhlükəsizliyinə və rasionuna xüsusi diqqət yetirilməli, bütün bu və başqa məsələlər üzrə monitorinqlər aparılmalıdır.
Qeyd edilənlərlə yanaşı, korporativ sosial məsuliyyətlə bağlı beynəlxalq təcrübənin öyrənilməsi və yerli səviyyədə tətbiqi işinin genişləndirilməsi, sahibkarların insan hüquqları barədə məlumatlandırılması, müəssisələr tərəfindən insan hüquqlarına riayət olunması vəziyyəti barədə dövri hesabatların verilməsi və zəruri hallarda onlardan bu barədə məlumatların tələb olunması mexanizminin işlənib hazırlanması və tətbiqi, belə hesabatların təqdim olunmasında və insan hüquqlarının təmin edilməsində fərqlənmiş biznes qurumlarına vergi və digər güzəştlərin tətbiq olunması məqsədəuyğundur.
Vergi qanunvericiliyinin, o cümlədən sahibkarlıq subyektləri ilə iş prinsiplərinn təkmilləşdirilməsi istiqamətində Vergilər Nazirliyi tərəfindən həyata keçirilən islahat tədbirləri vergi ödəyicilərinin hüquq və qanuni mənafelərinin daha etibarlı müdafiə edilməsində böyük əhəmiyyət kəsb edir.
Azad sahibkarlığın, xüsusilə kiçik və orta sahibkarlıq subyektlərinin maraqlarının müdafiəsi,  bu sahəyə dövlət dəstəyinin genişləndirilməsinə yönəlmiş tədbirlərin təşviq edilməsi məqsədilə sahibkarların gəlirlərindən dövlətin prioritet məqsədlərinin həyata keçirilməsinə, sərf olunmuş vəsaiti çıxmaqla sadələşdirilmiş vergi hesablanmasının tətbiq olunması ilə bağlı Vergilər Nazirliyinə müraciət edilmişdir.

1.3. Əhali qruplarının hüquqlarının müdafiəsi

Qaçqınların və məcburi köçkünlərin hüquqlarının müdafiəsi. Qaçqın və məcburi köçkün problemi Azərbaycan dövləti üçün prioritet məsələ olaraq qalır. Azərbaycan qaçqın və məcburi köçkün probleminin doğurduğu ağır nəticələrdən ən çox əziyyət çəkən ölkələrdəndir. Ölkəmizdə insanlar öz doğma yurd-yuvalarını hərbi təcavüz və ərazilərimizin işğalı nəticəsində tərk etməyə məcbur olmuş, nəticədə məcburi köçkün düşmüş Azərbaycan vətəndaşlarının, demək olar ki, bütün fundamental insan hüquq və azadlıqları - yaşamaq, azadlıq, mülkiyyət, şəxsi toxunulmazlıq, mənzil toxunulmazlığı, əmək, istirahət, sağlam ətraf mühitdə yaşamaq, mədəniyyət, sağlamlığın qorunması, təhsil, şərəf və ləyaqətin müdafiəsi, vicdan azadlığı və s. hüquqları pozulmuşdur.
Son illərdə bu qəbildən olan insanların hüquqlarının müdafiəsi sahəsində çoxsaylı qanunvericilik aktları qəbul edilmiş və icrası istiqamətində müxtəlif tədbirlər həyata keçirilmişdir. Dövlət tərəfindən, həmçinin məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində işlər ardıcıl davam etdirilir.
2001-2018-ci illər ərzində ümumilikdə 275.219 nəfər olmaqla, 55.064, yalnız 2018-ci ildə isə 5900 məcburi köçkün ailəsi fərdi ev və mənzillərlə təmin edilmiş, 2019-cu ildə isə daha 7000-dək ailənin yeni mənzillərə köçürülməsi nəzərdə tutulmuşdur.
Məcburi köçkünlərin məşğulluğunun təmin edilməsi məqsədilə 2018-ci ilin 22 iyul və 26 oktyabr tarixlərində keçirilən əmək yarmarkalarına ümumilikdə cəlb edilmiş 141 müəssisədə 994 iş yeri məcburi köçkünlərə təqdim edilmişdir.
Dünya Bankı ilə Azərbaycan Hökuməti arasında bağlanmış kredit sazişi üzrə 630 min nəfərin faydalandığı 125 milyon manat dəyərində olan 950 icma mikrolayihəsi həyata keçirilmişdir.
Sahibkarlığın inkişafı məqsədilə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən 24 min nəfərə 14,8 milyon manat mikrokredit, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2.074 nəfərə 44,3 milyon manatlıq güzəştli kreditlər verilmiş, bu mikrokreditlərin əksəriyyəti əkinçilik, heyvandarlıq, arıçılıq və istixana təsərrüfatlarına ayrılmışdır. Bununla yanaşı, məcburi köçkün fermerlərə lizinqlə texnika da verilmişdir.
Əmək qabiliyyətli məcburi köçkünlərin ümumi sayı 366.889 nəfər təşkil etmişdir ki, hazırda büdcə təşkilatlarında əmək fəaliyyəti ilə məşğul olanların sayı 161 min nəfər, aqrar sahədə çalışanların sayı isə 174 min nəfər təşkil etmişdir.
Müvəkkilin məcburi köçkünlərlə görüşü, onlarla birbaşa ünsiyyətdə olması, onların qayğı və problemlərinin yerində öyrənilməsi və müvafiq tədbirlərin görülməsi bu təbəqədən olan soydaşlarımızın həyatında mühüm əhəmiyyət kəsb etmişdir. Bütün bunlar bir daha göstərir ki, Azərbaycan dövləti öz vətəndaşlarının taleyi, həyat səviyyəsi ilə daim maraqlanır, onların sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün mövcud imkanlardan lazımınca istifadə etməkdədir.
Ümumilikdə, məcburi köçkünlərdən daxil olan, habelə yerlərdə, o cümlədən yeni qəsəbələrdə keçirilmiş müntəzəm görüşlər zamanı təqdim edilən şikayətlərin təhlili göstərir ki, müxtəlif regionlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlərin təhsil, sağlamlıq, məşğulluq, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün güzəştli kreditlərin əldə olunması, özünüməşğulluq proqramına cəlb edilməsi, bəzi yerlərdə əkin üçün torpaq sahəsinin ayrılması, su, qaz və elektrik təchizatı sahəsindəki problemlər tədricən aradan qaldırılmışdır.
BMT-nin müxtəlif struktur bölmələri, o cümlədən Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK), habelə Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, Qaçqınlar və Əhali üzrə Komitəsi, Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz və digər qurumlarla davam etdirilən səmərəli əməkdaşlıq əlaqələri Müvəkkilə və əməkdaşlarına geniş təcrübə mübadiləsi həyata keçirməyə, əldə olunmuş qabaqcıl və innovativ bacarıqların öz fəaliyyətində tətbiq etməyə imkan yaratmışdır.
Müvəkkil qaçqın və məcburi köçkünlərə hüquqi, psixoloji və digər yardımın göstərilməsi işinin gücləndirilməsini, onların sosial-iqtisadi və hüquqi vəziyyətinin müəyyən edilməsi üçün monitorinqlərin həyata keçirilməsini, hökumətin hesabatlarının hazırlanması prosesinə vətəndaş cəmiyyətini cəlb etməklə, ictimai dinləmələr şəklində əhatəli müzakirələrin aparılmasını, regionlarda treninq və seminarların təşkil edilməsini, hüquqi maarifləndirmə tədbirlərinin genişləndirilməsi məqsədilə onların inkişafına dair ixtisaslaşmış modulların, hüquqi nəşrlərin, plakatların işlənib hazırlanmasını təklif etmişdir.

Miqrantların hüquqlarının müdafiəsi. Miqrasiya sahəsində dövlət siyasətinin təkmilləşdirilməsi, miqrasiya idarəetmə sisteminin, eləcə də miqrasiya proseslərinin tənzimlənməsi məqsədilə qanunvericilik aktlarına zəruri əlavə və düzəlişlər olunmuş, yeni normativ aktlar qəbul edilmişdir.
Ölkə vətəndaşları ilə yanaşı, əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və digər miqrasiya prosesləri iştirakçılarının hüquqlarının müdafiəsi, habelə qeyri-qanuni miqrasiyanın qarşısının alınması və iş icazəsi almış miqrantların əmək fəaliyyəti üçün əlverişli şəraitin yaradılması məsələləri də Müvəkkilin diqqətində olmuşdur. Belə ki, bu qəbildən olan insanların hüquqlarının müdafiəsi və təşviqi, habelə hüquqpozmalarının qarşısının alınması sahəsində də fəaliyyət göstərmiş, bu sahədə qabaqcıl təcrübələr tətbiq edilməklə Dövlət Miqrasiya Xidməti ilə əməkdaşlıq çərçivəsində tədbirlər davam etdirilmişdir.
Müvəkkil tərəfindən müvafiq qanun layihələrinə rəy və təkliflər verilib. Belə ki, ölkəmizdə əcnəbi və vətəndaşlığı olmayan şəxslərin, həmçinin xaricdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının hüquqlarının hərtərəfli müdafiəsi, ölkəmizin tərəfdar çıxdığı beynəlxalq sənədlərə uyğun öhdəliklərin yerinə yetirilməsi, eləcə də daxili miqrasiyanın tənzimlənməsi istiqamətində aparılan işlərin yeni çağırışlar da nəzərə alınmaqla, müasir standartların tələblərinə uyğun təşkil edilməsi məqsədilə “Azərbaycan Respublikasının 2019-2024-cü illər üçün Milli Miqrasiya Strategiyası”nın layihəsi hazırlanmışdır. Həmin Strategiyaya, habelə Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) tərəfindən hazırlanmış “Miqrasiyanın idarəedilməsinə dair Azərbaycan Respublikasının 2019-2023-cü illər üzrə Strategiyası”na dair təkliflər Dövlət Miqrasiya Xidmətinə göndərilmişdir.
Bundan başqa, “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2019-2023-cü illər üçün Milli Fəaliyyət Planı”na dair təkliflər Daxili İşlər Nazirliyinə göndərilmişdir.
Müvəkkilin tapşırığına əsasən, Milli Preventiv Qrupun üzvləri tərəfindən Dövlət Miqrasiya Xidmətinin Bakı və Yevlax şəhərlərində yerləşən Qanunsuz Miqrantların Saxlanılması Mərkəzlərinə baxışlar keçirilmişdir. Başçəkmələrin məqsədi həmin müəssisələrdə saxlanma şəraitinin və rəftarın, habelə ölkə ərazisində yaşamalarının leqallaşdırılması ilə bağlı daxil olmuş müraciətlərin araşdırılması, sənədləşmənin düzgün aparılması vəziyyətinin öyrənilməsi olmuşdur. Müəssisələrdə könüllü əsaslarla yerləşdirilmiş miqrantlarla aparılan söhbət zamanı onlar şərait və rəftarla bağlı narazılıq etməmişlər. Həmin başçəkmənin nəticələri qənaətbəxş olmuş, müəssisələrdə keçirilmiş əvvəlki başçəkmələr zamanı verilmiş tövsiyələr icra edilmişdir. Müəssisələrin rəhbərlərinə milli və beynəlxalq qanunvericiliyə müvafiq şəkildə saxlanma şəraiti və rəftar məsələlərinə dair bəzi tövsiyələr verilmişdir.  
Ümumilikdə, Müvəkkilin ünvanına 2018-ci il ərzində daxil olan müraciətlərin təhlili zamanı ölkədən getmək hüququnun əsassız olaraq məhdudlaşdırılmasının qarşısı alınmış, bəzi hallarda xarici ölkələrdə olan Azərbaycan Respublikası vətəndaşlarının etibarsız sənədlərlə yaşaması və ya olduqları ölkədə şəxsiyyətlərini təsdiq edən sənədlərinin olmaması ilə əlaqədar onlara qayıdış şəhadətnamələrinin verilməsi sürətləndirilmiş, bir sıra hallarda barələrində inzibati qaydada ölkə hüdudlarından çıxarılması haqqında qəbul edilmiş qərarlar ləğv edilmiş və əcnəbinin Azərbaycan Respublikasına girişinə icazə verilməsi təmin edilmiş, müxtəlif vaxtlarda ölkəmizdə sənədsiz yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qısa vaxt ərzində müvafiq sənədlə təmin edilərək öz ölkələrinə qayıtmaları təmin edilmişdir.
2018-ci ildə əcnəbi, vətəndaşlığı olmayan və sığınacaq axtaran şəxslərdən də Müvəkkilin ünvanına daxil olmuş müraciətlərlə bağlı görülmüş tədbirlər nəticəsində bu qəbildən olan şəxslərin sosial, təhsil, tibbi və digər xidmətlərə çıxış imkanlarının genişləndirilməsi, o cümlədən əcnəbi və vətəndaşlığı olmayan şəxslərin miqrasiya uçotuna alınması, sərbəst hərəkət etmək, ölkə ərazisində olmaq və yaşayış yeri seçmək və digər hüquqlarının təmin olunması istiqamətində tədbirlər həyata keçirilmişdir.
Müvəkkil sərhədyanı və digər rayonlarda treninq və seminarların təşkil edilməsini, bu şəxslərə hüquqi, psixoloji və digər yardımın göstərilməsi işinin gücləndirilməsini, miqrantların müxtəlif qrupları üçün hüquqi maarifləndirmə tədbirlərinin genişləndirilməsi məqsədilə onların dil və mədəni inkişafına dair ixtisaslaşmış modulların və hüquqi nəşrlərin işlənib hazırlanmasını, onların sosial-iqtisadi, hüquqi vəziyyətinin müəyyən edilməsi üçün birgə monitorinqlərin həyata keçirilməsini, “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında” Konvensiyadan irəli gələn öhdəliklərin yerinə yetirilməsi istiqamətində nəzarətin gücləndirilməsini, miqrantların, eyni zamanda tərkibi (qadınlar, uşaqlar, əmək qabiliyyətli, əlilliyi olan şəxslər, ahıllar və s.), habelə başqa məlumatları əks etdirən geniş statistik məlumat bazasının yaradılmasını, bu sahədə milli qanunvericiliyin beynəlxalq normalara uyğunlaşdırılmasını təklif etmişdir.

Hərbi qulluqçuların hüquqlarının müdafiəsi. Ordu quruculuğunda qazanılmış nailiyyətlər, o cümlədən Silahlı Qüvvələrin maddi-texniki bazasının gücləndirilməsi, müasir silahlar və hərbi texniki qurğularla təchizatın artırılması, döyüş hazırlığının yüksək səviyyədə saxlanılması üçün iri miqyaslı hərbi təlimlərin keçirilməsi, şəxsi heyətin nizam-intizamının gücləndirilməsi, müdafiə potensialının inkişaf etdirilməsi məqsədi ilə əhəmiyyətli islahatların aparılması, hərbi qulluqçuların sosial-məişət şəraitlərinin  yaxşılaşdırılması istiqamətində aparılan işlər şəxsi heyətin döyüş ruhunun daha da artması ilə nəticələnmişdir. Müdafiə Nazirliyinin tabeliyindəki hərbi hissələrin çətin təbii şəraitdə və düşmənlə təmas xətdə yerləşmiş şəxsi heyəti üçün modul tipli kazarmaların quraşdırılması, hərbi qulluqçuların təsərrüfat işlərindən kənarlaşdırılması və bu işlərə mülki şəxslərin cəlb edilməsi istiqamətində aparılan islahatlar hərbi qulluqçular arasında nizamnamədənkənar münasibətlərin qarşısının alınmasına və döyüş hazırlığına ayrılmış vaxtın daha səmərəli istifadəsinə xidmət edir.
Hərbi qulluqçuların sosial müdafiəsi, habelə mənzil-məşiət şəraitinin yaxşılaşdırılması istiqamətində zəruri addımlar atılması, onların ailə üzvlərinin sosial müdafiəsini daha da gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə ölkə Prezidenti tərəfindən imzalanmış fərman və sərəncamlar xüsusilə diqqətəlayiqdir. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanının və bu Fərmanda dəyişiklik edilməsi barədə 28 yanvar 2019-cu il tarixli Fərmanının əhəmiyyəti xüsusi diqqətə layiqdir.
Silahlı Qüvvələrdə 1992-ci ildən etibarən 20 il və daha çox qüsursuz xidmət etmiş 1.279 hərbi qulluqçuya ölkə Prezidentinin müvafiq fərmanı ilə dövlət tərəfindən hazırkı vaxta kimi Bakıda 629, Gəncədə 632, Naxçıvanda isə 18 mənzil verilmişdir.
Xidmət illərində istifadə etmədikləri məzuniyyət günlərinə və əşya əmlakına görə kompensasiyanın ehtiyatda və istefada olan bəzi hərbi qulluqçulara verilməsinin başa çatdırılmaması bu qəbildən olan insanların haqlı narazılıqlarına səbəb olmuşdur. Müraciətlərdən aydın olduğu digər bir problem isə hərbi qulluqçuların, müharibə əlillərinin ailə üzvlərinin əmək, təhsil və digər hüquqları ilə bağlı olmuşdur.
Ehtiyatda və istefada olan hərbi qulluqçular tərəfindən Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə ünvanlanmış müraciətlərə cavabların verilməsində süründürməçiliyin olması həmin vətəndaşların bir sıra hüquqlarının gerçəkləşməsinə və ya onlardan yetərincə istifadə etmələrinə imkan verməmişdir.
Daha bir vacib məsələ hərbi qulluqçuların mənzil təminatı, mənzil kirayəsi üçün pul kompensasiyasının ödənilməsi ilə bağlıdır.
Müvəkkilin hərbi qulluqçuların hüquqlarının qorunması sahəsindəki fəaliyyətinin əsas istiqamətlərindən biri də onların hüquqi maarifləndirilməsi ilə bağlı olmuşdur.
Müdafiə naziri, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının, habelə Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə qoşunlarının komandanları ilə birgə təsdiq olunmuş tədbirlər planı əsasında 2018-ci ildə də ənənəvi olaraq, Müvəkkil, onun hərbi məsələlər üzrə ixtisaslaşmış müşaviri və aparatın digər əməkdaşları həmin qurumların səlahiyyətli nümayəndələri ilə birlikdə hərbi hissələrdə, təhsil və tibb müəssisələrində olmuş, şəxsi heyətlə hüquqi maarifləndirmə işinin gücləndirilməsi məqsədi ilə müvafiq tədbirlər həyata keçirmişlər. Onlar düşmənlə təmas xətdə yerləşən və digər hərbi hissələrdə olmuş, zabit və əsgərlər qarşısında çıxış etmiş, hərbi qulluqçuların yaşayışı ilə yerində tanış olmuş, monitorinqlər aparmış, qanunvericiliyə və əsasnamələrə uyğun xidmətin təşkilinin təmin edilməsi, xidmət və sosial-məişət şəraiti, sağlamlığın qorunması vəziyyəti, yeməklərin və digər qidaların keyfiyyəti ilə tanış olmuş, yataq otaqlarına, istirahət yerlərinə, kitabxanaya, mətbəxə, hamama, sanitar qovşaqlara baxış keçirmiş, əsgərlərlə görüşə gəlmiş valideynlərlə söhbətlər aparmış, habelə zəruri hüquqi maarifləndirmə tədbirləri həyata keçirmişlər. Təcrübə göstərir ki, belə tədbirlər hərbi qulluqçuların hüquqlarının müdafiəsi, Silahlı Qüvvələrdə hüquqi maarifləndirmə və təlim-tərbiyə işinin daha da gücləndirilməsi baxımından əhəmiyyətli olmuşdur.
Müvəkkil və aparatın əməkdaşları tərəfindən 2018-ci il ərzində belə görüşlər, Müdafiə Nazirliyinin 24, DİN-in Daxili Qoşunlarının 10, FHN-in Mülki Müdafiə Qoşunlarının 9, ümumilikdə isə 43 hərbi hissə, təhsil və tibb müəssisəsində həyata keçirilmişdir. Tədbirlər zamanı edilmiş müraciətlər yerində araşdırılmış, hərbi qulluqçuların sualları cavablandırılmış, bəzi hərbi hissə komandirlərinə və müəssisə rəislərinə zəruri tövsiyələr verilmişdir.
Bu görüşlərin davamı kimi 2019-cu ildə keçirilməsi nəzərdə tutulmuş və əvvəlcədən razılaşdırılmış tədbirlər planı Müvəkkil, müdafiə naziri, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının, habelə Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının komandanları tərəfindən təsdiq edilmişdir.
Hüquqi maarifləndirmə və hərbi qulluqçuların sosial-məişət şəraitinin öyrənilməsi məqsədi ilə hərbi hissələrdə şəxsi heyətlə mütəmadi görüşlərin keçirilməsi istiqamətində Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları və Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunları ilə birgə tədbirlər davam etdirilməkdədir.
Müvəkkil mənzil kirayəsində qiymət artımı nəzərə alınaraq, hərbi qulluqçulara müvəqqəti mənzilin kirayəsi üçün ödənilən pul kompensasiyasının və hərbi rütbələrə görə ödənilən pul təminatının məbləğinin artırılması, eyni zamanda vəzifə maaşlarının və digər gəlirlərinin gəlir vergisindən azad edilməsini, düşmənlə təmas xəttində yerləşən hərbi hissələrin tərkibində döyüş tapşırıqlarını yerinə yetirən hərbi qulluqçular üçün xüsusi fərqləndirici (həvəsləndirici) döş nişanlarının təsis olunması, habelə həmin mövqelərdə xidmət edən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına xidmət müddətində ikinci növbəti məzuniyyətin müəyyən olunmasını, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə bağlanan ilkin xidmət müqaviləsinin vaxtından əvvəl pozulduğu hallarda səbəb kimi şəxsin xidməti uyğunsuzluğa görə tərxis edilməsinin göstərildiyini və bunun gələcəkdə iş tapmaqda böyük çətinliklər yaratdığını nəzərə alaraq, müvafiq müqavilə bağlanmazdan əvvəl sınaq müddətinin tətbiq edilməsini təklif etmişdir.

Məhkumların hüquqlarının müdafiəsi. Müvəkkil məhkumların hüquqlarının təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirmişdir. Həm daxil olmuş müraciətlərin araşdırılması, həm də keçirilmiş başçəkmələr zamanı bu kateqoriyaya aid olan şəxslərin şərəf və ləyaqətinin müdafiəsi, dini etiqad azadlığı, sağlamlığının qorunması, müraciət etmək, keyfiyyətli hüquqi yardım almaq hüququnun gerçəkləşdirilməsi və digər qanunla, həmçinin beynəlxalq normalarla müəyyən edilmiş hüquqlarının təmin edilməsi nəzarətdə saxlanılmışdır.
Penitensiar sistemin müasir tələblərə və Avropa standartlarına uyğunlaşdırılması istiqamətində yenidən qurulması, həbsdə saxlama yerlərində, o cümlədən müvəqqəti saxlama yerlərində, istintaq təcridxanalarında, hauptvaxtlarda, habelə cəzaçəkmə müəssisələrində insan hüquqlarının etibarlı təmin edilməsinə, saxlanma şəraitinin yaxşılaşdırılmasına, məhkumların islah olunmasına istiqamətlənmiş tədbirlər davam etdirilmişdir.
Müəssisələrdə keçirilmiş başçəkmələr zamanı qəbul edilmiş şəxslər tərəfindən barələrində aparılan istintaqla bağlı qaldırdıqları məsələlərə dair qanunvericiliyə uyğun şəkildə hüquqi məsləhətlər verilmiş, müraciətlər müvafiq istintaq orqanları qarşısında qaldırılmış, habelə görüş, telefon danışığı, tibbi yardımla bağlı müraciətlər yerində araşdırılaraq təmin edilmiş, onlara hüquqları, müvafiq qanunvericiliyin tələbləri izah edilmiş, Müvəkkilə ünvanlanmış ərizə və müraciətləri qəbul olunmuşdur.
Həyata keçirilmiş başçəkmələrin nəticələri təhlil edilmiş, zəruri hallarda müvafiq müəssisələrdə işin təkmilləşdirilməsi ilə bağlı təklif və tövsiyələrlə aidiyyəti dövlət qurumlarına müraciətlər ünvanlanmış, habelə əvvəlki başçəkmələr çərçivəsində verilmiş tövsiyələrin icrası vəziyyəti yerində yoxlanılmışdır.
Ölkə Prezidentinin 2017-ci il 10 fevral tarixli məlum sərəncamı çərçivəsində cinayət-hüquq siyasətinin liberallaşdırılması, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs və azadlıqdan məhrumetmə tədbirlərinin tətbiqinin məhdudlaşdırılması, cinayətlərin dekriminallaşdırılması, cinayət təqibi və cəzaların icrası sahəsində korrupsiyaya şərait yaradan halların aradan qaldırılması və müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi üçün kompleks institusional, qanunverici və praktiki tədbirlərin görülməsinin təmini istiqamətində tədbirlər davam etdirilmişdir.
Cəza siyasətinin humanistləşməsi və alternativ cəzaların tətbiqi ilə əlaqədar məhkəmələr tərəfindən 6 minə yaxın məhkum haqqında sənədlərə baxılaraq təmin edilmiş, 4200-dən çox şəxs cəzadan azad olunmuş, yaxud cəza müddətləri azaldılmış, 900-dən çox məhkuma elektron qolbaq tətbiq edilmişdir. Sərəncamın icrası nəticəsində istintaq təcridxanalarına daxil olan həbs olunmuş şəxslərin sayı 25 faiz, həmçinin məhkəmələr tərəfindən azadlıqdan məhrumetmə cəzasının tətbiqi hallarının sayı azalmışdır. Eyni zamanda, həbs qətimkan tədbirinə dair prokurorlar tərəfindən məhkəmələrə verilmiş təqdimatların sayı təxminən 22 faiz, həbsdə saxlama müddətinin uzadılması barədə müraciətlərin sayı 37 faiz azalmışdır.
Azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasının səmərəliliyinin artırılması üzrə ardıcıl tədbirlər görülmüş, bu məqsədlə yaradılmış Ədliyyə Nazirliyinin Probasiya Xidməti tərəfindən cəzaların icrasında müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə olunmaqla elektron nəzarət vasitələrinin tətbiqinə başlanılmışdır. Həmçinin qeyd edilən Xidmətdə müasir avadanlıqlarla təchiz olunmuş Elektron monitorinq mərkəzi fəaliyyət göstərməkdədir.
Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş, məhkəmənin müəyyən etdiyi hallarda şərti məhkum olunmuş və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərə elektron qolbaqların tətbiq olunması həmin cəzaların effektiv icrasına nəzarətin təşkilinə imkan yaradır. Belə ki, elektron qolbaq tətbiq edilmiş məhkumlara müvafiq cəzalarını çəkməklə Elektron monitorinq mərkəzi tərəfindən fasiləsiz təsirli nəzarət həyata keçirilir.
Cəzaçəkmə müəssisələrində məhkumların əməyə cəlb edilməsi onların islah olunmasına, peşə hazırlığının və müəssisələrdə idarəetmə mexanizminin təkmilləşdirilməsinə, məhkumun cəzasını çəkdikdən sonra gələcəkdə cəmiyyətə adaptasiyasına xidmət edə bilər. Bu baxımdan Müvəkkil cəzaçəkmə müəssisələrində işsizlik probleminin həll edilməsi və məhkumların əsas hissəsinin ictimai faydalı əməyə cəlb olunması məqsədi ilə yeni istehsalat sahələrinin yaradılması məsələsinin araşdırılmasını, bu məqsədlə iş adamlarının və sahibkarların cəlb edilməsi ilə birgə tədbirlər həyata keçirilməsini, bununla da məhkumların fiziki iş qüvvəsinin sağlam əməyə istiqamətləndirilməsi yolu ilə onların islah edilməsini məqsədəmüvafiq hesab edərək, bu barədə təkliflərini aidiyyəti qurumlara bildirmişdir. Cəzaçəkmə müəssisələrinin istehsalat sahələrində məhkumlar tərəfindən istehsal olunmuş məhsulların daxili və xarici bazarlara çıxarılması üzrə fəaliyyətdə sahibkarların marağının və iştirakının stimullaşdırılması məqsədi ilə belə hallarda onlara münasibətdə vergi və digər güzəştlərin tətbiq edilməsi də məqsədəmüvafiqdir.
Məhkumlar üçün həm maddi, həm də mənəvi-psixoloji əhəmiyyət daşıyan ictimai faydalı əməyin təşkili məqsədilə mövcud istehsalat sahələrinin bərpası və yeni iş yerlərinin yaradılması prosesi son vaxtlar daha da sürətlənib. Bu məqsədlə həmin müəssisələrdə yeni istehsalat sahələrinin yaradılmasına və bu işə sahibkarların cəlb edilməsinə dair zəruri tədbirlər həyata keçirilib. Müvəkkilin də təklifləri nəzərə alınaraq, Penitensiar Xidmətin 4 saylı qadın cəzaçəkmə müəssisəsində toxuculuq, tikiş və xalçaçılıq üzrə istehsalat sahələrini inkişaf etdirmək üçün yeni xana dəzgahlarının quraşdırılması və işləyən məhkumların sayının artırılması buna bariz nümunədir.
Penitensiar Xidmətin təşəbbüsü və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dəstəyi ilə cəzaçəkmə müəssisələrində məhkumların peşə vərdişlərinə yiyələnməsi məqsədilə heykəltəraşlıq dərslərinin də tədrisinə başlanılıb.
2018-ci ildə Penitensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsində Azərbaycan Ədliyyəsinin 100 illik yubileyi münasibətilə təşkil olunmuş cəzaçəkmə müəssisələrində istehsal edilmiş məhsullardan və məhkumların əl işlərindən ibarət sərgi keçirilmişdir. Sərgi istedadlı məhkumların ərsəyə gətirdikləri əl işlərinə olan marağın daha da artmasında, eyni zamanda, cəzaçəkmə müəssisələrdəki istehsalat sahələrinin bərpası və yeni iş yerlərinin yaradılması prosesinə yerli və xarici sahibkarların cəlb edilməsində mühüm rol oynayacaq.
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən humanizm və ədalət prinsiplərinə əsaslanan dövlət siyasətinin, habelə insan və vətəndaş hüquq və azadlıqlarına hörmət və ehtiramın nəticəsidir ki, ölkəmizdə qısa müddətdə ümumilikdə 11 amnistiya aktı qəbul olunmuş, 64 əfv fərman və sərəncamları imzalanmış, bunun nəticəsində minlərlə insan cəzadan azad edilərək cəmiyyətə və ailələrinə qovuşmuşlar.
Müvəkkilin fəaliyyəti dövründə onun vəsatəti ilə ümumilikdə 638, 2018-ci ildə isə 72 məhkum əfv edilmişdir.
Məhkumların islah olunması, maddi ehtiyaclarının ödənilməsi və ictimai faydalı əməyə cəlb olunması məqsədilə cəzaçəkmə müəssisələrində yeni istehsal sahələrinin genişləndirilməsi və iş yerlərinin yaradılmasını, cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumların islah olunması, şəxsiyyətinin inkişafı, mənəvi təcrid olunmasının aradan qaldırılması və azad olunduqdan sonra cəmiyyətə maneəsiz uyğunlaşması məqsədilə “Cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumların islah edilməsi, sosiallaşması və probasiyanın tətbiqi” üzrə məqsədli dövlət proqramının hazırlanıb qəbul edilməsi və həyata keçirilməsi, preventiv tədbirlər kimi, cəza çəkməkdən azad edilmiş şəxslərin sosiallaşması məqsədilə regionlar da əhatə olunmaqla sosial adaptasiya mərkəzlərinin sayının artırılması, sosial-psixoloji yardım xidmətlərinin genişləndirilməsi, habelə onların işlə təmin edilməsi, eyni zamanda Penitensiar Xidmətin müalicə müəssisəsinin, həbsxanasının, qadın cəzaçəkmə müəssisəsinin, yetkinlik yaşına çatmayanlar üçün tərbiyə müəssisəsinin və 2 saylı istintaq təcridxanasının yeni binalarının tikintisinin sürətləndirilməsi həlli vacib olan məsələlərdəndir.

Qadın hüquqlarının müdafiəsi və gender bərabərliyinin təmin edilməsi. Gender bərabərliyinin təbliği və təmin olunması, habelə qadınların pozulmuş hüquqlarının bərpası məsələsi daim Müvəkkilin diqqət mərkəzində olmuşdur.
Qadınların hüquq və azadlıqlarının etibarlı təmin olunması üçün onların səlahiyyətlərinin genişləndirilməsi əsas şərtdir. 2019-cu ilin bələdiyyə, 2020-ci ilin isə parlament seçkiləri ili olduğunu nəzərə alaraq, Müvəkkil qadınların idarəetmədə qərar qəbul olunan vəzifələrdə təmsilçiliyini təşviq edir, qadın hüquqlarının daha səmərəli müdafiəsi və gender bərabərliyinin həyata keçirilməsi məqsədilə çoxsaylı tədbirlər təşkil edir.
Müvəkkil qadınların işlə təmini, onların iqtisadi imkanlarının genişlənməsi istiqamətində bir sıra tədbirlər həyata keçirmiş, bu sahədə maarifləndirmə işləri aparmış, şəhər və kəndlərdə xırda və iri sahibkarlıqla məşğul olan qadınların problemlərinin həlli məqsədilə səlahiyyətli orqanlara müraciətlər ünvanlamış və nəticədə onlarla sahibkar qadının çətinlikləri aradan qaldırılmış, çoxsaylı qadınlara iş yerləri açılmışdır. Qadın sahibkarlığının inkişafı yoxsulluğun azaldılmasına, qadınların iqtisadi və sosial nüfuzunun artmasına və bir çox hallarda qadın istismarının qarşısının alınmasına, gender bərabərsizliyinin aradan qaldırılmasına yardım edir.
Təhsildə genderə həssas mühitin yaradılması, məktəbə gedən qızların sayının və davamiyyətinin artması, gənc analara dəstək mexanizmlərinin təşkili, qeyri-formal təhsil imkanlarının genişləndirilməsi və texniki peşə yönümlü təhsilə qızların daha çox cəlb olunması, onların orta və ali təhsilinin davam etdirilməsi sahəsində geniş tədbirlər və maarifləndirmə proqramı həyata keçirən Müvəkkilin təşəbbüsü ilə Bakı Dövlət Universitetinin hüquq və digər fakültələrində artıq bir neçə ildir ki, “İnsan hüquqları” və “Genderə giriş” fənnləri tədris olunur.
Müvəkkil BMT Baş Məclisinin 1999-cu ildə elan etdiyi “25 noyabr - Qadınlara qarşı zorakılığın ləğv olunması uğrunda beynəlxalq mübarizə günü” başlanılan və “10 dekabr – Beynəlxalq İnsan Hüquqları günü”nə kimi davam edən “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası zamanı paytaxt və regionlarda məhkəmə, prokurorluq və polis orqanlarının, səhiyyə və təhsil müəssisələrinin nümayəndələrinin, habelə geniş ictimaiyyətin, o cümlədən qadın və yeniyetmələrin iştirakı ilə silsilə maarifləndirmə tədbirləri təşkil edilmiş, “Azərbaycan Respublikasında məişət zorakılığının aradan qaldırılması və onunla mübarizəyə dair 2019-2023-cü illər üçün Milli Fəaliyyət Planı” layihəsinə təkliflər verilmişdir.
Bakı şəhəri və ətrafları, habelə regionlarda orta məktəblərdə, universitetlərdə maarifləndirmə və tədris işlərinin aparılması üzrə Müvəkkilin geniş fəaliyyəti olmuşdur.
Erkən evliliyin qarşısının alınması məqsədilə icma əsaslı xidmətin təşkili üzrə müsbət təcrübədən istifadə etməklə, Azərbaycan Qadın və İnkişaf Mərkəzinin iştirakı ilə respublikamızın müxtəlif yerlərində, o cümlədən ucqar kəndlərində reproduktiv sağlamlıq, ailə planlaşdırılması üzrə icma səviyyəsində və kompleks şəkildə tədbirlər keçirilmiş, məlumatlandırma işi aparılmışdır.
Ümumiyyətlə, erkən evliliklərin və bu sahədə problemlərin qarşısını almaq məqsədilə bütün ölkə üzrə, xüsusilə yerli icra strukturları, bələdiyyələr, təhsil və tibb müəssisələri, polis sahə inspektorları tərəfindən valideynlər və gənclər arasında maarifləndirmə işinin aparılması xüsusi əhəmiyyət kəsb edir.
Müvəkkil mütəmadi olaraq məcburi köçkünlərin məskunlaşdığı ərazilərə səfərlər etmiş, onların vəziyyətini və ehtiyaclarını öyrənmiş, eyni zamanda UNICEF, BMT QAK və Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) ölkəmizdəki nümayəndəlikləri ilə birgə paytaxt və regionlarda silsilə tədbirlər keçirmişdir.
2018-ci ildə də Müvəkkilə ünvanlanan müraciətlər əsasən alimentin ödənilməsi, şəhid ailələrinin mənzillə təmin olunması, sosial müavinətlərin təyin edilməsi, əmək hüquqları, məişət zorakılığı, mülkiyyət, sağlamlıq, təhsil hüquqları kimi məsələlərlə bağlı olmuşdur. Müraciətlər səlahiyyət çərçivəsində araşdırılmış, bir çoxu təmin edilmişdir.
BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsinin Azərbaycan Hökumətinə tövsiyələri nəzərə alınaraq, zorakılıq qurbanı olan qadınlar və uşaqlar üçün regional sığınacaqlar şəbəkəsinin yaradılmasına ehtiyac vardır.
Müvəkkil qadınların siyasi hüquqlarının və iqtisadi imkanlarının genişləndirilməsi üçün gender kvota və gender büdcəsi məsələlərini gündəmə gətirərək, müvafiq qanunvericiliyə daxil edilməsini, sosial işçilərin, orta və ali təhsil müəssisələrində gender məsələləri ilə məşğul olan peşəkar psixoloqların hazırlanmasını, zorakılıqla bağlı geniş, sistemli və kütləvi maarifləndirmə işinin aparılmasını, məişət zorakılığına, insan alverinə məruz qalmış qadınlar və onların uşaqları üçün sığınacaqların yaradılmasını, əxlaqsızlıq yuvalarının aşkar olunaraq ləğv edilməsini, belə yerləri himayə edən şəxslərin cəzalandırılmasını, reproduktiv sağlamlıq və ailə planlaşması üzrə strateji proqramın hazırlanması, təsdiq edilməsi və icma səviyyəsində tətbiqini, ana bətnində olan qız dölünün abort olunmasının qarşısının alınması məqsədilə geniş maarifləndirmə işinin aparılmasını, habelə bununla bağlı məsuliyyətin müəyyən edilməsini, gender bərabərliyi sahəsində vəziyyəti öyrənmək məqsədilə müvafiq yerli strukturlarda, icmalarda, ailələrdə, idarə, müəssisə və təşkilatlarda araşdırma və monitorinqlərin aparılmasını və bunların əsasında yekun məruzənin hazırlanmasını təklif etmişdir.

Uşaq hüquqlarının müdafiəsi. 2018-ci ildə uşaq hüquqları ilə bağlı Müvəkkilin ünvanına daxil olmuş müraciətlər arasında uşaqların təhsil, sağlamlıq hüquqlarının pozulması, uşağın müalicəsi, məktəbəqədər təhsil müəssisələrinə qəbul edilməmələri, boşanmış valideynlə uşağın görüşünün təmin olunmaması, valideyn məsuliyyətsizliyi, ünvanlı sosial yardım, sosial müavinət, qəyyumluq, doğum haqqında şəhadətnamənin verilməməsi, məhkəmə qərarlarının icra olunmaması, məişət zorakılığı, baxımsızlıq, və digər məsələlərlə bağlı müraciətlər daxil olmuş, bununla əlaqədar hüquqi məsləhətlər verilmiş və zəruri hallarda yerində araşdırmalar aparılmışdır.
Uşaqların təhsil hüququnun təmin olunması ilə əlaqədar Müvəkkilin ünvanına məktəb rəhbərliyi tərəfindən I sinfə qəbul imtahanından keçməməsi və məktəbə qəbul olunmaması, əsassız olaraq məktəbə buraxılmaması, məktəbdən xaric olunması, erkən yaşda I sinfə qəbulu, fərdi təhsilə cəlb edilməsi, ümumtəhsil və məktəbəqədər təhsil müəssisəsinə qəbul edilməsi, münaqişəli ailələrdə valideyn tərəfindən dərsə davamiyyətinin pozulması, sağlamlıq imkanları məhdud uşaqların xüsusi təhsil müəssisəsinə yerləşdirilməsi, müəllim-şagird münasibətləri, habelə məktəblərin birinci sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsi prosesində yaranan məsələlərə dair müraciətlər daxil olmuş, araşdırılaraq müvafiq tədbirlər görülmüşdür.
Müvəkkil məktəbdənkənar müəssisələrin uşaqların asudə vaxtının səmərəli təşkili və onların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsində əhəmiyyət kəsb etdiyini hesab edir. Təhsil Nazirliyinin tabeliyində olan belə təhsil müəssisələrinin işinin təkmilləşdirilməsi, əməkdaşlarının bilik və bacarıqlarının daha da artırılması məqsədəmüvafiqdir.
Uşaqların sağlamlıq hüququnun təmin olunması ilə əlaqədar uşaqların dövlət hesabına müayinə və müalicəsi, həkimlərin səhlənkarlığı, uşaqlarda sağlamlıq imkanları məhdudluğunun müəyyən olunmasında süründürməçiliyə yol verilməsi, peşəkar kadrların hazırlanmasında və cəmiyyətin bu sahədə maarifləndirilməsində köməklik göstərilməsi və digər məsələlərlə bağlı müraciətlər araşdırılmış və müvafiq tədbirlər görülmüşdür.
Maddi təminatın aşağı olması, alimentin və ünvanlı dövlət sosial yardımının ödənilməsi, sağlamlıq imkanları məhdudluğun obyektiv qiymətləndirilməsi, uşağın mənzil hüququ, sosial problemlərin həll edilməsi ilə əlaqədar müraciətlər aidiyyəti səlahiyyətli dövlət qurumlarına göndərilmiş və müvafiq tədbirlər görülmüşdür.
Müvəkkil uşağın saxlanılması üçün məhkəmə tərəfindən qət edilən alimentin ödənilməsi məqsədilə dövlət tərəfindən maliyyələşən xüsusi Aliment Fondunun yaradılmasını, çoxuşaqlı ailələrə güzəştlərin edilməsi sahəsində mövcud qanunvericilikdə olan imtiyazların tətbiqinin gücləndirilməsini zəruri hesab edir.
Aztəminatlı ailələrdə ailə planlaşdırılması sahəsində maarifləndirmə tədbirlərinin həyata keçirilməsi həmin ailələrin sosial müdafiəsinin gücləndirilməsi baxımından məqsədəmüvafiqdir.
Ünvanlı dövlət sosial yardımın verilməsi üçün elektron müraciət qaydaları sahəsində maarifləndirmənin aparılmasına, həmçinin bununla bağlı xüsusi xidmətlərin yaradılmasına ehtiyac var.
Müvəkkil daim xüsusi qayğıya ehtiyacı olan uşaqları (sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olan, aztəminatlı, miqrant, qaçqın və məcburi köçkün ailələrdən olan, sosial təhlükəli vəziyyətdə, qanunla ziddiyyətdə olan uşaqlar və s.) diqqətdə saxlayır.
Hazırda dünyada baş verən miqrasiya böhranı nəticəsində minlərlə uşaq istismar, zorakılıq və təzyiqlərə məruz qalır, bu səbəbdən məcburi yerdəyişməyə məruz qalmış uşaqların təhlükəsizliyinin təmini məqsədilə müasir beynəlxalq çağırışlara cavab verən bu kimi normaların qəbulu olduqca vacibdir.
Müvəkkilin təşəbbüsü və Dövlət Miqrasiya Xidmətinin birgə təşkilatçılığı ilə ölkəmizdə bir sıra maarifləndirici tədbirlər, o cümlədən qaçqın ailələrdən olan uşaqlar və onların valideynləri üçün tədbirlər həyata keçirilmişdir.
Uşaq Hüquqları Konvensiyasının 22-ci maddəsinə əsasən, “qaçqın” statusu almaq niyyətində olan və ya qaçqın uşağın, həmçinin hər hansı bir səbəbdən öz ailə mühitindən daimi və ya müvəqqəti məhrum olmuş uşaqların müdafiəsi, humanitar yardımla təmini, o cümlədən öz valideynlərini və ya digər ailə üzvlərini axtarıb tapması, ailənin birləşməsi üçün zəruri məlumat almasına dəstək verilməsi və bu sahədə əlaqələndirmənin gücləndirilməsi məqsədilə Müvəkkil BMT və digər beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi üzrə əməkdaşlıq edir.
Mütəmadi olaraq sağlamlıq imkanları məhdud uşaqların hüquqlarının müdafiəsi və reabilitasiyası ilə bağlı vəziyyətin, onların yaşadığı müəssisələrdə saxlanma şəraitinin monitorinqi keçirilir, hüquqlarının təmini istiqamətində zəruri tədbirlər görülür. Müvəkkil daun sindromlu və qayğıya ehtiyacı olan başqa uşaqların hüquqlarının təmin olunmasını daim diqqətdə saxlayır, onlarla görüşərək vəziyyətlərini öyrənir və tövsiyələrini verir.
Müvəkkil və MPQ üzvləri müntəzəm olaraq dövlət uşaq müəssisələrində olmuş, baxışlar keçirmiş, uşaqlar üçün yaradılmış şərait, onların təhsili, tibbi xidmətə çıxış imkanları, uşaqların saxlanıldığı müəssisələrdə mövcud sənədləşmənin aparılması vəziyyəti araşdırılmış, onlara qarşı kobud rəftar hallarının qarşısının alınması və aradan qaldırılması istiqamətində monitorinqlər aparılmışdır.
MPQ üzvləri tərəfindən ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün Sosial xidmət müəssisəsinə, bu müəssisədə yaşayan, abilitasiya və reabilitasiyaya cəlb olunmuş uşaqların saxlanma şəraitinin və müəssisə əməkdaşlarının onlarla rəftarı məsələlərinin, habelə uşaqların hüquqlarının təmin olunması vəziyyətinin araşdırılması məqsədilə, əvvəlcədən xəbərdarlıq etmədən başçəkmələr həyata keçirilmişdir. Bu kimi başçəkmələr bir sıra regionlarda mövcud olan müəssisələrdə də həyata keçirilmişdir.
Gəncə, Şəki, Cəlilabad və Quba regional mərkəzlərinin əməkdaşları da müvafiq regionlarda fəaliyyət göstərən uşaq evləri və internat məktəblərində baxışları davam etdirmiş, qarşıdakı tədris ilinə hazırlığın vəziyyəti, mövcud şərait və orada saxlanılan uşaqlara qarşı rəftar, aparılan təmir və abadlıq işləri, uşaqların dərs ləvazimatı ilə təminatı vəziyyəti diqqətdə saxlanılmışdır.
Valideyn himayəsindən məhrum olmuş uşaqlar üzərində qəyyumluq və himayəçiliyin təyin edilməsi, onların ailə tipli müəssisəyə yerləşdirilməsi, müəssisəni tərk etmiş uşaqların yaşayış yeri ilə təmin edilməsi və digər məsələlərlə bağlı daxil olmuş müraciətlər araşdırılmış və tədbirlər görülmüşdür.
Müvəkkil müraciətlərlə yanaşı, kütləvi informasiya vasitələrində olan məlumatlarda təsbit olunmuş uşaq hüquqlarının pozuntusu ilə bağlı öz təşəbbüsü ilə araşdırmalar aparır.
Televiziyada uşaqların psixikasına zərər gətirə biləcək məlumatların qanunla müəyyən olunmuş vaxtlarda verilməsi və ya xüsusi qeydlərlə göstərilməsi ilə bağlı müvafiq qurumlara müraciət edilmişdir. O, uşaqların kütləvi informasiya vasitələri, internet saytları və digər vasitələrlə əldə etdikləri zərərli məlumatın onların psixoloji inkişafına vurduğu zərərin, KİV-də uşaqların hüquqlarının pozulması hallarının qarşısını almaq məqsədilə media sahəsində mövcud olan qanunlara əlavə və dəyişikliklərin edilməsini təklif etmişdir.
Qanunla ziddiyyətdə olan uşaqların hüquq və maraqlarının müdafiəsi məqsədilə “Yuvenal ədliyyə haqqında” Qanunun qəbul edilməsinin sürətləndirilməsi həlli vacib olan məsələlərdəndir.
Müvəkkil və MPQ üzvləri Bakıda və regionlarda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Uşaq Tərbiyə Müəssisəsinə başçəkmələr həyata keçirmiş, orada saxlanılan yetkinlik yaşına çatmayan şəxslərlə görüşmüş, fikir mübadiləsi və müxtəlif tədbirlər keçirilmişdir.
Müvəkkilin təklifi ilə MFP-nin 4.4-cü bəndində də orta ixtisas və ali təhsil müəssisələrində insan hüquqlarının tədrisinin genişləndirilməsi, ümumtəhsil məktəblərində Uşaq hüquqları üzrə pilləli tədrisin inkişaf etdirilməsi nəzərdə tutulmuşdur.
2017-2018-ci tədris ilində həmin proqramda Bakı şəhərinin hər bir rayonu və Balakən, Qax, Şəmkir, Samux, Şabran, Xaçmaz, Salyan və Neftçala rayonları üzrə hər birində bir məktəb olmaqla, 20 məktəbdə 1345 şagird, 20 direktor və 52 müəllim iştirak etmişdir. Ümumilikdə 2009-2010-cu tədris ilindən etibarən hər il keçirilən bu proqrama ölkədəki 170-dən çox məktəb cəlb edilmiş, bu prosesdə fərqlənmiş 10000-dən artıq şagirdə Müvəkkil tərəfindən sertifikat, 800-dən çox müəllim və direktora təşəkkürnamə verilmişdir. Təsisatda hazırlanaraq çap olunmuş uşaq hüquqları üzrə maarifləndirici vəsaitlər məktəb kitabxanalarına təqdim edilmişdir.
Hər il olduğu kimi, 2018-ci ildə də Müvəkkilin təşəbbüsü ilə BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində 20 oktyabr – 20 noyabr tarixlərində respublikamızda “Uşaq hüquqları aylığı” çərçivəsində Müvəkkilin, o cümlədən regional mərkəzlərinin əməkdaşları, müvafiq dövlət qurumları, yerli icra hakimiyyəti orqanları, bələdiyyələr, qeyri-hökumət təşkilatları və icmalar tərəfindən uşaqların birbaşa iştirakı ilə tədbirlər həyata keçirilmiş, təhsil müəssisələrində uşaqlar arasında müxtəlif istiqamətli yarış və müsabiqələr təşkil olunmuş, habelə uşaq tərbiyə müəssisəsinə, istintaq təcridxanalarına, müvəqqəti saxlama yerlərinə başçəkmələr təşkil olunmuş, təmas xəttində, qaçqın və məcburi köçkün ailələrdən olan uşaqlarla, o cümlədən Horadiz məktəbliləri ilə görüş keçirilmiş, təhsil müəssisələrində uşaqlarla müzakirələr aparılmışdır.
Aylıq çərçivəsində Müvəkkil tərəfindən əsası qoyulmuş və fəaliyyətini uşaq hüquqları üzrə resurs mərkəzi olaraq davam etdirən Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin Liderlik Məktəbinin 18-ci dərs ilinin açılışı keçirilmişdir.
Müvəkkil və Liderlik məktəbinin üzvləri Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə səfər çərçivəsində şəhid Novruz Aslanov adına Cocuq Mərcanlı kənd orta məktəbində olmuş, müəllimlər, şagirdlər, valideynlər və kənd sakinləri ilə görüşmüş, məktəb kitabxanasına insan hüquqları üzrə ədəbiyyat bağışlanılmışdır.
Hər il olduğu kimi, 2018-ci ildə də Müvəkkil tərəfindən “10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günü” münasibətilə uşaqlar arasında “Mən və mənim hüquqlarım” mövzusunda uşaq rəsmlərinin və “Hüquqlar hamı üçün!” mövzusunda jurnalist yazılarının ənənəvi müsabiqəsi elan olunmuş, və builki uşaq rəsm müsabiqəsinə Bakı və regionlarla yanaşı, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən rəsm əsərləri təqdim olunmuş və qaliblər sırasına daxil olaraq, sertifikat və pul mükafatlarına layiq görülmüşlər.
Aylıq çərçivəsində şəhər və rayon icra hakimiyyətləri tərəfindən uşaq hüquqlarının müdafiəsi, onlara göstərilən dövlət qayğısı, uşaq əməyinə və erkən nikahlara qarşı mübarizə, uşaqlar arasında zərərli vərdişlərin yayılmasının qarşısının  alınması, sağlamlıq imkanları məhdud uşaqların hüquqlarının təmin edilməsi və cəmiyyətə inteqrasiyası, uşaqların bərabərlik hüquqları və digər mövzularda yüzlərlə dəyirmi masa, seminar, sərgi, müsabiqə və başqa tədbirlər təşkil edilmişdir.
Müvəkkil uşaq hüquqları sahəsində beynəlxalq əməkdaşlığı davam etdirərək, UNICEF-lə imzalanan Birgə İş Planına əsasən dövlət uşaq müəssisələrinə baxışlar keçirilmiş, bu müəssisədə yaşayan uşaqların saxlanma şəraitinin və müəssisə əməkdaşlarının onlarla rəftarı məsələləri, habelə uşaqların hüquqlarının təmin olunması vəziyyəti öyrənilmişdir.
Beynəlxalq əməkdaşlıq çərçivəsində BMT QAK ilə birgə ötən ildən başlayaraq əhalinin məişət zorakılığı, gender əsaslı zorakılıqla mübarizə üzrə biliklərinin artırılması, xüsusilə də uşaq və qadınların hüquqlarının etibarlı müdafiəsi məqsədilə ölkəmizdə məcburi köçkünlər üçün salınmış qəsəbə və orta məktəblərdə ümumilikdə 10 mindən artıq məcburi köçkün cəlb edilməklə, bir sıra layihələr icra edilmiş, silsilə təlimlər keçirilmişdir.
Müvəkkil regionlarda sağlamlıq imkanları məhdud uşaqlar üçün reabilitasiya müəssisələri şəbəkəsinin genişləndirilməsini də təklif etmişdir.
Yeri gəlmişkən, artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən respublikanın regionlarında uşaqlar üçün bərpa mərkəzlərinin tikintisinə başlanılması planlaşdırılmışdır.
Qeyd edilənlərlə yanaşı, Müvəkkil, eyni zamanda BMT-nin Uşaq Hüquqları Komitəsinin Azərbaycan hökumətinə tövsiyələri nəzərə alınaraq, uşaqların təhsili və sosial təminatı üçün maliyyə vəsaitinin artırılmasını, əlilliyi olan uşaqların ehtiyaclarının digərlərindən fərqli olduğu nəzərə alınaraq, ailə başçısını itirmiş və əlilliyi olan uşaqlara hər iki hala görə müavinətin verilməsi məqsədilə “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklərin edilməsini, regionlarda inklüziv təhsil müəssisələri şəbəkəsinin genişləndirilməsi, habelə sosial işçi, psixoloq və digər mütəxəssislərlə təmin edilməsi, onların əmək haqlarının artırılmasını da təklif edir.

Ahılların hüquqlarının müdafiəsi. Ahılların əmək hüquqlarının pozulması, o cümlədən yaşla bağlı işdən azad olunması, əmək stajına, əlillik dərəcəsinə uyğun olmayan əmək pensiyasının təyin edilməsi, dövlət hesabına müalicə və müayinənin aparılması, yaşayış yeri ilə təmin olunma, əmlak, mülkiyyət, vərəsəlik, pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsinə yerləşdirilməsində köməklik göstərilməsi ilə bağlı müraciətləri üzrə araşdırmalar aparılmış, müvafiq tədbirlər görülmüşdür.
Müvəkkil tərəfindən aparılmış müşahidələr, habelə onun ünvanına gələn müraciətlərin təhlili göstərir ki, cəmiyyətin sosial qayğıya daha çox ehtiyacı olan bu təbəqəsinin hüquqi mənafeyinin qorunmasına, həmçinin sağlamlıq, təhsillə bağlı maariflənməsinə ehtiyac vardır.
Belə ki, Müvəkkilin tövsiyəsi və rəhbərliyi ilə sağlam həyat tərzinin təbliği, ahıllara gündəlik həyatında lazım ola biləcək hüquqi biliklərlə, onların sosial, sağlamlıq, təhsil hüquqlarına dair nəzəri və praktik məlumatlarla paylaşması məqsədilə təsisatda hazırlanan “Layiqli Ahıllığa doğru” vəsaitin nəşr edilməsində məqsəd həm də yaşlı insanları dövlət tərəfindən təmin olunan yardım və xidmətlərdən bəhrələnmək üçün müvafiq qanun və prosedurlar barədə məlumatlandırmaqdır.
Müvəkkilin Ahılların Resurs Mərkəzi də ahıl qadınların hüquqi, tibbi və psixoloji maarifləndirməsi məqsədinə xidmət edir. İl ərzində maarifləndirici tədbirlə yanaşı, ənənəvi olaraq, 1 oktyabr - Beynəlxalq Ahıllar günü, 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü, 18 oktyabr - Dövlət Müstəqilliyi Günü, 12 noyabr - Konstitusiya Günü və digər əlamətdar tarixlər, habelə 20 Yanvar faciəsi, Xocalı soyqırımı, eyni zamanda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbirlər təşkil ediilmişdir.
Ahıllar üçün Resurs Mərkəzi ilə Səhiyyə Nazirliyinin “Sağlamlıq sahəsi poliklinikası”nın səmərəli əməkdaşlığı nəticəsində onlar mütəmadi ödənişsiz həkim müayinələrindən, xəstəliklərin diaqnostikası ilə yanaşı, təbii və ənənəvi üsullarla müalicə keçir, xəstəliklərdən sonra reabilitasiya və sağlamlaşdırıcı tədbirlər həyata keçirilir.
Herontologiya sahəsində görülən işin həcmini genişləndirmək məqsədilə mütəmadi olaraq əvvəlcədən şəhər poliklinikalarında elan verməklə "Açıq qapı" aylığı keçirilir və poliklinikalardan göndərilən xəstələrə heriatrik tibbi xidmət göstərilir. "Açıq qapı" aylığı zamanı Bakı şəhər Səhiyyə İdarəsi tərəfindən muxtəlif profilli klinisistlərin konsultasiyaları təşkil edilir və lazımi müalicə alırlar.
Müvəkkil və əməkdaşları müntəzəm olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsinə başçəkmələr həyata keçirmiş, bu səfərlər zamanı sakinlərin vəziyyəti ilə maraqlanmış, onların məişət şəraitinin, sosial problemlərinin və sağlamlıq hüquqlarının təmini ilə bağlı məsələlərin həlli üzrə öz tapşırıq və tövsiyələrini vermiş, ərizələrini qəbul etmiş, problemlərin araşdırılmasına və aradan qaldırılmasına dair müvafiq işlər görülmüşdür.
Müşahidələr göstərir ki, ahıl məhkumların səhhəti, fiziki və psixoloji durumu maddi resursların, xüsusi personalın çatışmazlığı üzündən çətin həll olunan problemə çevrilir. Odur ki, Müvəkkil onların əfv olunması, habelə sağlamlıq durumu və törətdikləri cinayətin xarakterini nəzərə alaraq, alternativ cəza üsullarından istifadə edilməsi ilə bağlı təkliflər vermişdir.
Ömürboyu təhsilə olan tələbatı nəzərə alaraq, Müvəkkil UNESCO-nun “Təhsil hamı üçün” proqramına uyğun “Yaşlıların təhsili” haqqında Qanun layihəsinin yenidən parlamentdə müzakirə edilməsini və təkmilləşdirilərək qəbul edilməsini tövsiyə etmişdir.
Ölkəmizin qoşulduğu Avropa Sosial Xartiyasının bir sıra digər maddələri ilə yanaşı, ahıl yaşlı şəxslərin sosial müdafiə hüququ ilə bağlı 23-cü maddəsinin ratifikasiya edilməsi də zəruridir.
Qeyd edilənlərlə yanaşı, ahılların layiqli həyat səviyyəsini təmin etmək məqsədilə iqtisadi inkişafdan asılı olaraq minimum pensiya məbləğinin minimum əmək haqqı məbləğinə çatdırılması, tənha, kimsəsiz, hərəkət qabiliyyəti məhdudlaşmış ahıllara evdə xidmət işinin keyfiyyətinin yüksəldilməsi, ehtiyaclı ahılların ictimai iaşə müəssisələrinə təhkim olunaraq gündə bir dəfə pulsuz yeməklə təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə bələdiyyələrin nəzdində resurs mərkəzlərinin yaradılması, təhsil, elm, incəsənət, idman sahələri və cəmiyyət qarşısındakı ictimai fəaliyyətdə xüsusi nailiyyətləri olan ahılların həvəsləndirilməsi, işləmək arzusunda olan ahılların bilik və bacarıqlarına uyğun müvafiq ictimai işlərə cəlb edilməsi, ahıllara hörmətin KİV vasitəsilə təbliğ edilməsi də təklif edilmişdir.

Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi. Bu qəbildən olan şəxslərin hüquqlarının müdafiəsi məsələlərini həmişə diqqət mərkəzində saxlayan Müvəkkilin ünvanına daxil olmuş müraciətlər əsasən əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğun düzgün qiymətləndirilməsi, müalicə və müayinənin, dərman preparatlarının verilməsinin dövlət vəsaiti hesabına həyata keçirilməsi, təhsil hüququnun reallaşdırılması, mənzil, minik avtomobili, təkərli kürsü (əlil arabası) ilə təmin olunma və digər bu kimi məsələlərlə bağlı olmuşdur.
Müvəkkilin aidiyyəti qurumlara etdiyi müraciətlərdən sonra əlilliyin və sağlamlıq imkanları məhdudluğunun obyektiv qiymətləndirilməsi ilə bağlı tədbirlər görülmüş, əlilliyi  olan şəxslər müvafiq tibb müəssisələrinə və reabilitasiya mərkəzlərinə göndərilməklə ödənişsiz olaraq müayinə və müalicə olunmuş, ehtiyacı olanlara zəruri dərman preparatları, sanatoriya kurort yollayışları, həmçinin protez ortopediya məmulatları, təkərli kürsü, texniki və müxtəlif reabilitasiya vasitələri, müharibədə iştirakla əlaqədar əlilliyi olan şəxslərə isə eyni zamanda, həm də mənzillər, minik avtomobilləri verilmiş, onlara tibbi-sosial və psixoloji xidmətlərin göstərilməsi təmin olunmuşdur.
Müvəkkilin tibbi-sosial ekspert komissiyalarının (TSEK) işində ciddi dönüş yaradılması, məmur-vətəndaş təmaslarının minimallaşması, şəffaflığın təmin edilməsi və bu sahənin işinin mütəmadi olaraq müsbət beynəlxalq təcrübəyə əsaslanmaqla təkmilləşdirilməsi ilə bağlı təklifləri də nəzərə alınmaqdadır. Lakin bununla belə qeyd etmək lazımdır ki, son dövrlər tibbi-sosial ekspertiza üzrə normativ hüquqi bazanın və bu sahədə fəaliyyətin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən bütün müsbət dəyişikliklərə baxmayaraq, hələ də bu istiqamətdə həlli vacib olan bir sıra problemlərə rast gəlmək mümkündür.
Son vaxtlar həyata keçirilən islahatlar nəticəsində Bakı şəhərində ümumilikdə beş tibbi sosial ekspert komissiyasının müəyyən edilməsi, əlilliyin qiymətləndirilməsi və tibbi-sosial reabilitasiya istiqaməti üzrə xidmətlərin həyata keçirilməsinin Bakı şəhərində yaradılacaq beş DOST mərkəzi ilə əlaqəli  şəkildə həyata keçirilməsi əlilliyi olan şəxslərin hüquqlarının səmərəli təmini baxımından əhəmiyyətlidir.
Müvəkkilin ağır ürək çatışmazlığı, ağır dərəcəli eşitmə azlığı və digər xəstəlikləri olan insanların, o cümlədən uşaqların dövlət vəsaiti hesabına cərrahiyyə əməliyyatı olunması, xroniki böyrək çatışmazlığından əziyyət çəkənlərin hemodializ seansları və dərman preparatları, şəkərli diabetlə yaşayan insanların lantus və digər şəkərsalıcı preparatlar ilə təmin edilməsi ilə bağlı müraciətləri də müsbət həll olunmuşdur.
Ağır dərəcəli eşitmə azlığı olan uşaqların vaxtında aşkar edilməsi, onlarda erkən yaş dövründən koxlear implantasiya (daxili qulağın protezləməsi) əməliyyatının icra olunması məqsədilə dövlət tərəfindən vəsaitin ayrılması ilə bağlı Müvəkkilin təkliflərinin nəzərə alınması nəticəsində son 3 ildə Səhiyyə Nazirliyinin maliyyə dəstəyi ilə 58 nəfər uşaqda bu əməliyyat uğurla aparılmışdır. 
Müvəkkil körpələr evlərinin, uşaq bağçalarının, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəbəqədər təhsil müəssisələrinin və uşaq evlərinin bu fəaliyyətdən əldə etdikləri gəlirlərinin 2014-cü il yanvarın 1-dən 10 il müddətinə vergidən azad edilməsi ilə bağlı müsbət təcrübəyə əsasən hesab edir ki, sağlamlıq imkanları məhdud olan uşaqlar üçün ölkədədəki müxtəlif profilli özəl reabilitasiya-inkişaf, günərzi qayğı və məktəbdənkənar təhsil xidmətləri göstərən mərkəzlərin fəaliyyətinin stimullaşdırılması və genişləndirilməsi məqsədilə onlara da müvafiq dövrdə vergi güzəştlərinin tətbiqini təklif edir.
Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısına “Daun”, “Autizm” kimi sindromların adları daxil edilmədiyinə görə hazırda həmin sindromlardan əziyyət çəkən uşaqların evdə təhsilə cəlb olunması ilə bağlı problemlər mövcuddur. Müvəkkil bunu nəzərə alaraq, səhhətinə görə bilavasitə ümumtəhsil məktəbində təhsil ala bilməyən həmin qəbildən olan uşaqlar üçün xüsusi tədris planı əsasında “Evdə təhsil” formasının tətbiq edilməsi məqsədilə buna hüquq verən xəstəliklərin siyahısına müvafiq əlavələrin edilməsini təklif edir.
2019-cu ildə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının müddəalarının icrası sahəsində ölkəmizdə görülən işlərə dair Azərbaycan hökumətinin növbəti hesabatı BMT-nin Əlilliyi olan şəxslərin hüquqları üzrə komitəsinə təqdim ediləcəkdir. Bunu nəzərə alaraq, Müvəkkil müvafiq Konstitusiya Qanununda dəyişikliklər edilməsini bir daha təklif edir. Həmin konvensiyanın 33.2-ci maddəsində öz əksini tapmış, onun təşviqi, müdafiəsi və monitorinqi üçün müstəqil mexanizm funksiyalarının həyata keçirilməsi ilə bağlı öhdəliyin yerinə yetirilməsi baxımından əhəmiyyətlidir.
Yeri gəlmişkən, Müvəkkil və onun tapşırığı əsasında Aparatın əmək¬daş¬ları, o cümlədən Milli Preventiv Qrupunun üzvləri tərəfindən təhsil, səhiyyə, penitensiar və sosial xidmət müəssisələrində monitorinqlərin keçirilməsi 2018-ci ildə də davam etdirilmişdir. Belə ki, əlilliyi olan şəxslərin vəziyyətini və ehtiyaclarını öyrənmiş, sosial-məişət problemlərinin həll edilməsi, sağlamlıq və digər hüquqlarının təmini ilə bağlı məsələlərin həlli üzrə məsul şəxslərə tapşırıq və tövsiyələr verilmiş, eyni zamanda bu qəbildən olan insanların hüquqi cəhət¬dən maarifləndirilməsi, onlara qarşı yol verilən hər hansı bir ayrı-seçkilik, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar kimi hüquqpozmaların aradan qaldırılması istiqamətində də zəruri tədbirlər görülmüşdür.
Müvəkkil Dəyişdirilmiş Avropa Sosial Xartiyasının “Əlilliyi olan şəxslərin müstəqillik, sosial inteqrasiya və cəmiyyətin həyatında iştirak etmək hüququ”ndan bəhs edən 15-ci maddəsinin ratifikasiya edilməsini, təqdim etdiyi çoxsaylı təkliflər nəzərə alınmaqla hazırlanmış “Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət  Proqramı”nın, “Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı”nın, “Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün zəruri olan fəaliyyət şəraitinin yaradılması Qaydaları”nın təsdiqi prosesinin sürətləndirilməsini, eyni zamanda əlilliyin qruplara görə deyil, şəxsin funksional imkanlarının məhdudlaşmasının faiz dərəcəsinə görə müəyyən edilməsi, həmçinin buna uyğun müvafiq sosial dəstək tədbirlərinin həyata keçirilməsini, sosial infrastruktur obyektlərinin əlilliyi olan şəxslərin real tələbatına uyğunlaşdırılmasını, sağlamlıq imkanları məhdud uşaqlarla məşğul olan ixtisaslaşdırılmış mütəxəssislərin - psixoloqların, korreksiyaedici pedaqoqların, surdopedaqoqların, oliqofrenpedaqoqların, tiflopedaqoqların, loqopedlərin, habelə psixiatrların, nevroloqların, otorinolorinqoloqların, surdoloqların, audioloqların, peşəkar müəllim-tərbiyəçilərin, sosial işçilərin hazırlanmasını, habelə peşəkarlıqlarının artırılması üzrə tədbirlər görülməsini təklif edir.

 

II fəsil.

Hüquqi maarifləndirmə, elmi analitik iş və
beynəlxalq əlaqələr sahəsində fəaliyyət, ictimaiyyətlə və
kütləvi informasiya vasitələri ilə əməkdaşlıq

2.1. İnsan hüquqları sahəsində maarifləndirmə

İnsan hüquqlarının tədrisinə və əhali qruplarının, o cümlədən uşaqların, qadınların, ahılların, əlilliyi olan şəxslərin, qaçqın, məcburi köçkün və miqrantların, hərbçilərin, məhkumların hüquqi maarifləndirilməsi işinə Müvəkkil xüsusi önəm verir.
Müvəkkilin təşəbbüsü ilə hər il həyata keçirilən insan hüquqları, sülh və uşaq hüquqları aylıqları çərçivəsində dövlət qurumları, yerli icra hakimiyyəti orqanları, QHT və KİV-lər, icmalar və beynəlxalq təşkilatlar tərəfindən insan hüquqları sahəsində səmərəli əməkdaşlıq davam etdirilmiş, MFP-nin müvafiq müddəaları əsasında respublikanın bütün şəhər və rayonlarında insan hüquqları ilə bağlı silsilə tədbirlər və müzakirələr təşkil olunmuş, aylıqların nəticələri mətbu orqanlarda, kütləvi informasiya vasitələrində işıqlandırılmışdır.
35 şəhər və rayonu əhatə edən Müvəkkilin Gəncə, Şəki, Quba və Cəlilabad regional mərkəzlərinin əməkdaşlarının iştirakı ilə respublikanın şəhər və rayonlarında müvafiq proqram və mövzular üzrə silsilə hüquqi maarifləndirmə tədbirləri həyata keçirilmiş, insan hüquqlarına dair müxtəlif mövzular üzrə məruzə və çıxışlar edilmiş, fikir mübadiləsi aparılmışdır.
2018-ci ildə müsəlman Şərqində ilk demokratik Parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə, Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə, 18 iyun - Milli İnsan Hüquqları Gününə, BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 70 illiyinə və əlamətdar beynəlxalq tarixlərə həsr olunmuş çoxsaylı tədbirlər həyata keçirilmişdir.
Tarixi qanlı hadisələrin ölkəmizdə anılması və bu hadisələrin dünya ictimaiyyətinin diqqətinə çatdırılması məqsədilə müvafiq Sərəncamlarla təsdiq edilmiş 20 Yanvar faciəsinin 28-ci və Xocalı soyqırımının 26-cı, 31 mart Azərbaycanlıların Soyqırımının 100-cü ildönümün keçirilməsi ilə bağlı tədbirlər planı çərçivəsində Müvəkkil və Regional Mərkəzləri tərəfindən paytaxt və regionlarda silsilə tədbirlər təşkil edilmişdir.
Müvəkkilin tərəfdaş çıxdığı və əməkdaşının ekspert qismində iştirak etdiyi, UNICEF-in də dəstəklədiyi “ASAN Könüllüləri” üçün “Uşaq hüquqlarının təşviqi” layihəsinin ilkin mərhələsi olan 5 həftəlik “Təlimçilər üçün Təlim Proqramı” çərçivəsində milli qanunvericilik və BMT-nin Uşaq Hüquqları Konvensiyası əsasında modullar üzrə təlimlər keçirilmişdir.
Aparatda əsas etibarilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Bakı Dövlət Universiteti, “ADA” Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Slavyan Universiteti və ölkəmizdəki digər universitetlərin Hüquq, Siyasi idarəetmə, Regionşünaslıq və beynəlxalq münasibətlər, Sosial elmlər və psixologiya, İqtisadiyyat və idarəetmə fakültələrinin ümumilikdə 372, 2018-ci ildə isə 61 tələbə və magistrantı istehsalat və elmi-tədqiqat təcrübəsi keçmişlər.
Müvəkkilin təşəbbüsü ilə Bakı Dövlət Universitetində yaradılmış “İnsan hüquqları və informasiya hüququ üzrə YUNESKO” kafedrasında bakalavr və magistr pilləsində insan hüquqları üzrə yüksək ixtisaslı kadr hazırlığının bu sahədə elmi yanaşma nümayiş etdirilməklə 2018-ci ildə də uğurla davam etdirilməsi, “İnsan hüquqları”, habelə “Genderə giriş” fənlərinin müstəqil bir fənn kimi universitet səviyyəsində tədrisi, bu fənlər üzrə Müvəkkilin mühazirələr toplusunun kitab şəklində nəşr etdirilməsi yeni nəsil hüquqşünaslar, sosial işçilər və ixtisaslaşmış psixoloqların hazırlanması işinə öz töhfəsini vermişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Əmək və Sosial Münasibətlər Akademiyası, Polis Akademiyası, Ədliyyə Akademiyası və hərbi təhsil müəssisələrində müvafiq olaraq, müdavimlərə, ixtisaslaşmaya cəlb olunmuş mütəxəssislərə, hakimlərə, vəkillərə, dövlət qulluqçularına Müvəkkil və əməkdaşları tərəfindən insan hüquqları, bu sahədə qanunvericilik, icra mexanizmləri, habelə təsisat haqqında geniş biliklərin yayılması davam etdirilmişdir.
2018-ci ildə Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin Liderlik Məktəbində Uşaq Hüquqları Konvensiyası və müvafiq milli qanunvericilik aktları üzrə uşaq hüquqlarının öyrənilməsi və tətbiqi vasitəsilə uşaqların vəziyyətini, onların ictimai həyatda iştirakını və öhdəliklərini inkişaf etdirməyə, uşaq və gənclərə vətənpərvərlik hissinin aşılanmasına, ölkə üçün layiqli vətəndaş olaraq əsl lider kimi yetişməsinə yönəlik tədbirlər həyata keçirilmişdir.
Ölkəmizi narahat edən narkomaniya, İİV/QİÇS və digər yoluxucu xəstəliklərlə mübarizə aparılması istiqamətində Müvəkkilin regional mərkəzlərinin də iştirakı ilə QİÇS-lə Mübarizə Mərkəzi ilə əməkdaşlıqda yerlərdə silsilə treninq və seminarlar təşkil edilmiş, Liderlik Məktəbində və Ahılların Resurs Mərkəzində həyata keçirilən tədbirlərdə bu virusdan əziyyət çəkən insanların hüquqlarının qorunması, cəmiyyətdən  təcrid olunmamaları, heç bir ayrı-seçkiliyə məruz qalmamaları üçün davamlı olaraq maarifləndirmə işinin aparıldığı bildirilmişdir.
Hüquqi maarifləndirmə sahəsində işin səmərəliliyinin artırılması məqsədilə ümumilikdə 197, 2018-ci ildə isə 7 adda nəşr hazırlanmış, çap olunmuş və yayımlanmış, 23-dən artıq insan hüquqlarına və layiqli idarəetməyə dair xarici ədəbiyyat dilimizə tərcümə olunmuş, o cümlədən  Azərbaycan dilində olan 55 vəsait ingilis dilinə, 41-i isə rus dilinə tərcümə olunaraq çap edilmiş, geniş oxucu auditoriyası arasında yayılmış, şəhər və rayon kitabxanalarına, həmçinin xarici ölkələrin ombudsman təsisatlarına, insan hüquqları sahəsində fəaliyyət göstərən institutlara, milli kitabxanalara paylanmışdır.
Təsisatın nəşrləri Frankfurtda keçirilən Beynəlxalq Kitab sərgisində nümayiş etdirilmiş, Respublikamızın bir çox şəhər-rayon Mərkəzi Kitabxanalarında, Ombudsmanların XV Bakı Beynəlxalq Konfransında, Bakıda keçirilən Asiya Ombudsmanlar Assosiasiyasının Direktorlar Şurasının 21-ci iclası çərçivəsində, Xocalı faciəsinin ildönümü, 31 Mart azərbaycanlıların soyqırımının 100 illiyi, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş Elmi-praktiki konfranslarda nəşrlərimizdən ibarət geniş sərgilər açılmışdır.

2.2. Elmi-analitik işin təşkili

İnsan hüquqları ilə bağlı vəzifələrin daha səmərəli həyata keçirilməsinin təmin edilməsi məqsədilə Müvəkkil MFP-nin bir sıra bəndlərinin və yarımbəndlərinin icra müddətinin artıq başa çatdığını nəzərə alaraq, müasir dövrün çağırışlarına uyğun yeni müddətli fəaliyyət proqramının hazırlanaraq təsdiq edilməsini bir daha təklif edir.
“Azərbaycan Respublikasında məişət zorakılığının aradan qaldırılması və onunla mübarizəyə dair 2019-2023-cü illər üzrə Milli Fəaliyyət Planı”nın layihəsinə dair rəy və çoxsaylı təkliflər işlənib hazırlanmışdır.
Müvəkkil “Bütün şəxslərin zorakı itkin düşmələrdən müdafiəsi üzrə” Beynəlxalq Konvensiyasının, Avropa Şurasının “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” və “Qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və onlarla mübarizə haqqında” konvensiyalarının, Dəyişdirilmiş Avropa Sosial Xartiyasının zəruri sayılan digər maddələrinin, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın Fakültativ Protokolunun, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyaya dair 12 saylı Protokolunun əhəmiyyətini nəzərə alaraq, onlara qoşulmağı və (və ya) ratifikasiya edilməsini bir daha təklif edir.
Cinayət, Cinayət Prosessual, Mülki, Mülki Prosessual, İnzibati  Prosessual, İnzibati Xətalar, Əmək, Ailə, Mənzil, Vergilər məcəllələrinin, pensiyalar və sosial müavinətlər, sosial xidmət, penitensiar və digər qanunvericilik aktlarının monitorinqi həyata keçirilmişdir.Əmək Məcəlləsinə əlavə və dəyişikliklərə dair qanun layihəsi ilə bağlı təkliflər hazırlanmışdır.
“Pensiya yaşına çatmış şəxslərin ayrı-seçkiliyə məruz qalması”na görə inzibati və cinayət məsuliyyətinin müəyyən edilməsi də məqsədəmüvafiqdir.
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 2017-ci il 10 mart tarixli Azərbaycan Respublikasının Qanununa “Bu Qanun, onun qüvvəyə minməsindən sonra yaranan ictimai münasibətlərə şamil edilir.” maddəsinin daxil edilməsinə də ehtiyac vardır.
Cinayət Məcəlləsinin 168-1-ci maddəsinin (Dini təbliğat, dini ayin və mərasimlərin aparılması tələblərini pozma) 1-ci hissəsinin yeni redaksiyada (“Dinə aid ayin və mərasimlərin «Dini etiqad azadlığı haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmadan aparılması”.) verilməsi, habelə 168-1.2-ci maddəsinin hüquq bərabərliyi baxımından yenidən redaktə edilməsi, həmçinin İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin (İnzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərin məcburi müalicəyə cəlb olunması) adından və 1-ci hissəsində “törətmiş” sözündən sonra “,” işarəsinin, 3-cü hissəsində isə “inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra” sözlərinin çıxarılmasını və həmin hissələrin humanizim, yaşamaq və sağlamlıq hüquqlarının təmini baxımından yeni redaksiyada verilməsi daha məqsədəmüvafiqdir.
Müvəkkilin fəaliyyəti dövründə Konstitusiya Məhkəməsinə ümumilikdə ünvanladığı 36 sorğudan 22-si üzrə plenum tərfindən baxılaraq qərarlar, 13 iş üzrə palata tərəfindən istər nəzəri, istərsə də təcrübi əhəmiyyət kəsb edən genişləndirici şərhləri özündə ehtiva edən qərardadlar qəbul edilmiş, bir sorğuya isə plenumda baxılması nəzərdə tutulmuşdur.
Müvəkkilin Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci  maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin I hissəsinə, 25-ci maddəsinin I, III və V hissələrinə, 28-ci maddəsinin I və III hissələrinə, 29-cu maddəsinin II hissəsinə, 59-cu maddəsinə, 71-ci maddəsinin I və II hissələrinə, 149-cu maddəsinin I və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinə sorğusu əsasında Plenum tərəfindən 2018-ci il 14 mart tarixli qərar qəbul edilmişdir. Bu qərarda ifadə edilmiş hüquqi mövqe Müvəkkilin sorğusunun mahiyyətinə tam uyğun olmuşdur.
Müvəkkilin sorğuları əsasında qəbul edilmiş həmin qərar və qərardadlar istər nəzəri, istərsə də təcrübi əhəmiyyət kəsb edərək Konstitusiyada və digər normativ hüquqi aktlarda təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarının düzgün anlaşılmasına, onların təcrübədə düzgün tətbiqinə və təmininə mühüm töhfələrini verməkdədir.

2.3. İctimaiyyətlə və kütləvi informasiya vasitələri ilə əməkdaşlıq

İctimaiyyətlə və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq. Müvəkkilin insan hüquqları sahəsində dövlət qurumları və vətəndaş cəmiyyəti institutları ilə sıx əlaqələri davam etdirilmişdir.
Müvəkkil yanında müstəqil Ekspertlər Şurasının üzvləri insan hüquqları sahəsində biliklərə və təcrübəyə malik olan, habelə elm, təhsil müəssisələrində fəaliyyət göstərən şəxslərdən, QHT nümayəndələrindən və müstəqil ekspertlərdən ibarətdir. Şuranın fəaliyyəti ölkəmizdə insan hüquqlarının əsas istiqamətləri üzrə vəziyyətin təhlil edilməsinə, müvafiq milli qanunvericiliyin təkmilləşdirilməsinə, beynəlxalq konvensiyaların implementasiyası üzrə təkliflərin hazırlanmasına, birgə tədbirlərin həyata keçirilməsinə yönəlmişdir.
Müvəkkilin Milli Preventiv Qrupunda, “Biznes və İnsan Hüquqları” üzrə işçi qrupunda da QHT-lərin nümayəndələri təmsil olunur və prosesdə yaxından iştirak edirlər.
Müvəkkil dövlət orqanları, vətəndaş cəmiyyəti institutları, beynəlxalq təşkilatlar və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir.
20 Yanvar faciəsinin 28-ci,  Xocalı soyqırımının 26-cı və Aprel Qələbəsinin ikinci ildönümünə həsr olunmuş toplantı, Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutu və Bakı Dövlət Universiteti ilə birgə 1918-ci il - Azərbaycanlıların Soyqırımının 100-cü ildönümü ilə bağlı elmi-praktiki konfrans təşkil edilmişdir.
Ümummilli lider Heydər Əliyevin və görkəmli akademik Zərifə xanım Əliyevanın doğum günlərinin 95-ci ildönümü, habelə 12 dekabr - ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı toplantılar, 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü, 18 iyun – Milli İnsan Hüquqları Günü, 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günü, 12 noyabr – Konstitusiya Günü, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə, habelə Novruz və Yeni il bayramları ərəfəsində tədbirlər təşkil olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti seçkiləri ərəfəsində polis əməkdaşlarının xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsi məqsədilə Mərkəzi Seçki Komissiyası və Daxili İşlər Nazirliyi ilə birgə Gəncə, Şirvan, Şəki şəhərlərində və yekun olaraq Bakıda silsilə zona seminar-müşavirələri keçirilmişdir.
İnsan hüquqları, sülh və uşaq hüquqları aylıqları çərçivəsində Bakıda və rayonlarda silsilə maarifləndirmə tədbirləri, habelə 25 noyabr - Qadınlara qarşı zorakılığın ləğv olunması uğrunda beynəlxalq mübarizə günündən başlanılan və 10 dekabr – Beynəlxalq İnsan Hüquqları gününədək davam etdirilən “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində tədbirlər baş tutmuşdur.
BMT ilə birlikdə 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günü, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsinin 70 illiyi və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr olunmuş “Bərabərlik hüququnun təmini sülh və dayanıqlı inkişafın əsas təməlidir” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.
Dövlәt Miqrasiya Xidmәti və Beynәlxalq Miqrasiya Tәşkilatının (BMqT) ölkə nümayәndәliyi ilə birgә 18 dekabr - Beynәlxalq Miqrant Gününə həsr edilmiş konfrans, həmçinin müvafiq işçi qrupunun “Tikintidə təhlükəsizlik məsələləri biznes və insan hüquqları kontekstində” və “Qida təhlükəsizliyi məsələləri biznes və insan hüquqları kontekstində” mövzularında toplantıları keçirilmiş, müvafiq məsələlərlə bağlı çıxışlar edilmiş, müzakirələr aparılmış, təklif və tövsiyələr irəli sürülmüşdür.
Ənənəvi olaraq, “10 dekabr – Beynəlxalq İnsan Hüquqları Günü” münasibətilə “Mən və hüquqlarım” mövzusunda keçirilmiş uşaq rəsm müsabiqəsinə yekun vurulmuşdur. Həmin rəsm müsabiqəsinə Bakıdan və regionlardan, o cümlədən Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndindən olan 308 uşağın 400-ə yaxın rəsm işi təqdim edilmişdir. Müsabiqənin nəticələrinə görə Bakının və respublikamızın müxtəlif rayonlarını təmsil edən doqquz uşaq, o cümlədən Cocuq Mərcanlı kənd orta məktəbinin şagirdi qaliblər sırasında olmuş, 34 məktəbli isə həvəsləndirici sertifikatlarla təltif edilmişlər.

Kütləvi informasiya vasitələri ilə əməkdaşlıq. Müvəkkil kütləvi informasiya vasitələri, o cümlədən müasir cəmiyyətdə xüsusi yer tutan elektron media ilə əlaqələrə xüsusi önəm verir və bu istiqamətdə səmərəli əməkdaşlıq davam etdirilir. KİV-lərlə əməkdaşlıq şəraitində təsisatın məqsəd və məramları, əsas fəaliyyət strategiyaları, yeni ideya və təşəbbüsləri, fəaliyyətinin əsas istiqamətləri və tədbirləri barədə press relizlər hazırlanaraq çoxsaylı informasiya agentliklərinə, müxtəlif qəzet və jurnallara, teleradio kanallarına, elektron xəbər portallarına operativ şəkildə göndərilir.
Müvəkkil öz işini Milli Televiziya və Radio Şurası, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, Azərbaycan Mətbuat Şurası, habelə jurnalist qurumları ilə əməkdaşlıq şəraitində qurmuşdur.
Fəaliyyətin geniş əhali kütləsinə çatdırmaqda mühüm vasitə kimi Azərtac, Trend və digər informasiya agentlikləri ilə, paytaxtda və bölgələrdə nəşr olunan aparıcı qəzetlərin redaksiyaları, teleradio kanalları ilə əlaqələr davam etdirilmiş, habelə Müvəkkilin rəsmi İnternet səhifəsi daha da təkmilləşdirilmişdir.
Təsisatın fəaliyyəti barədə ümumilikdə 11.949, 2018-ci ildə isə 509 məqalə və informasiya KİV-də dərc olunmuşdur. Fəaliyyət dövrü ərzində Müvəkkilin Mətbuat xidməti tərəfindən 4345 press reliz hazırlanmışdır, bunlardan 195-i 2018-ci ilə aiddir. Bu press relizlər ingilis dilinə tərcümə olunaraq Avropa Şurasına və digər nüfuzlu beynəlxalq təşkilatlara göndərilmişdir.
Təsisatın fəaliyyətə başladığı vaxtdan Müvəkkil 125 bəyanat vermişdir. O cümlədən 2018-ci ildə Müvəkkilin 20 Yanvar faciəsinin 28-ci ildönümü, Xocalı soyqırımının 26-cı ildönümü, 31 Mart 1918-ci il Azərbaycanlıların Soyqırımının 100-cü ildönümü ilə əlaqədar bəyanatları nüfuzlu beynəlxalq qurumlara, o cümlədən BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, UNICEF-ə, UNESCO-ya, Avropa İttifaqına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilmişdir. Bəyanatların mətnləri bir çox dövri mətbuat nümunələrində, İnternet saytlarında dərc edilmiş, televiziya və radio verilişlərində səsləndirilmişdir.
“10 dekabr – Beynəlxalq İnsan Hüquqları Günü” münasibətilə keçirilmiş ənənəvi “Hüquqlar hamı üçün!“ mövzusunda jurnalist yazıları müsabiqəsində qalib olmuş şəxslər mükafatlandırılmışlar.
Ümumilikdə aylıq informasiya bülletenlərinin 168, o cümlədən 2018-ci ildə 12 sayı hazırlanmışdır. Müvəkkil tərəfindən təşkil olunmuş tədbirlərdə, o cümlədən beynəlxalq konfranslarda çoxsaylı media nümayəndələri iştirak etmiş, mətbuat səhifələrində informasiya və məqalələr dərc olunmuş, teleradio proqramlarına müsahibələr verilmişdir.
Müvəkkil digər şəxslərlə yanaşı, jurnalistlərin, müxtəlif maddələrlə həbs edilmiş və ya cəza çəkənlərin hüquqlarının müdafiəsini diqqətlə yanaşır və onun tapşırığına əsasən MPQ-nin üzvləri həmin şəxslərlə, o cümlədən Ə.M., blogger M.H. və başqaları ilə görüşmüş, onların saxlanma şəraitini, səhhətini, onlara qarşı rəftarı, hüquqlarının təmin olunmasını diqqətdə saxlamış, hər hansı narahatçılıqları və ya müraciətləri ilə bağlı Baş Prokurora və müvafiq nazirlərə dərhal müraciətlər edilmiş, KİV-ə mətbuat açıqlamaları verilmişdir.

2.4. Beynəlxalq əlaqələr

Müvəkkilin beynəlxalq əlaqələr sahəsindəki əməkdaşlığı xarici ölkələrin ombudsman təsisatları, insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq qurumlar ilə əlaqələrin qurulması və ya mövcud əlaqələrin daha da gücləndirilməsi istiqamətində olmuşdur.
Müvəkkil tərəfindən BMT-nin ölkəmizdəki nümayəndəliyi, habelə üzvü olduğu UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının dəstəyi ilə 2018-ci il 20-21 iyun tarixlərində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsinin 70 illiyinə həsr olunmuş, 18 iyun – milli insan hüquqları günü ilə bağlı “Hüquq bərabərliyinin təmin olunmasında və təşviqində milli insan hüquqları təsisatlarının rolu” mövzusunda ənənəvi Ombudsmanların XV Bakı Beynəlxalq Konfransı keçirilmişdir.
Konfransda Türkiyə, Pakistan, Əfqanıstan, Bolqarıstan, Serbiya, Makedoniya, Rumıniya, Gürcüstan, habelə Rusiya Federasiyasının Moskva şəhəri, Tatarıstan və Dağıstan respublikalarının ombudsmanları və əməkdaşları, BMT-nin ölkəmizdəki rezident-əlaqələndiricisi, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqaz üzrə ofisinin insan hüquqları üzrə baş müşaviri, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəsmisi, Konstitusiya Məhkəməsinin sədri, Milli Məclis sədrinin müavini və deputatları, nazirlər və komitə sədrləri və kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak etmişlər. Konfransın yekununda Bakı Bəyannaməsi qəbul edilib.
Müvəkkilin 2003-cü ildən üzvü, 2015-ci ildən vitse-prezidenti olduğu Asiya Ombudsmanlar Assosiasiyasının (AOA) prezidenti - Pakistanın Federal Ombudsmanı, habelə üzv ölkələrin Direktorlar Şurasındakı təmsilçilər - Yaponiyanın, Çinin, İndoneziyanın, Honq Konqun, İran İslam Respublikasının, Malayziyanın, Rusiyanın Tatarıstan Respublikasının ombudsmanlarının və əməkdaşlarının iştirakı ilə Bakıda AOA-nın Direktorlar Şurasının 21-ci iclası keçirilmişdir. Direktorlar Şurasının üzvləri, eyni zamanda Dayanıqlı İnkişafa dair Bakı Forumunda qəbul edilmiş "Bakı prinsipləri"ni öz fəaliyyətlərində müsbət təcrübə kimi tətbiq edəcəklərini bildirmişlər.
Keçmiş Yuqoslaviya Respublikası olan Makedoniya Respublikasının Ombudsman təsisatının 20 illik yubileyinə həsr olunmuş və Skopye şəhərində keçirilən beynəlxalq konfransda aparatın əməkdaşı çıxış edərək iştirakçılara Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında ətraf mühitin ciddi zərər gördüyünü, bura yaxın kənd və qəsəbələrdə yaşayan insanların uzun illərdir ki, içməli su problemi ilə üzləşdiklərini bildirmiş, dünyanın ən fəal seysmik zonalarından birində fəaliyyət göstərən, sovet dövründə Ermənistanda istismara verilmiş və hazırda istismara tam yararsız olan “Metsamor” Atom Elektrik Stansiyasının ekoloji baxımdan qonşu ölkələr üçün ciddi təhlükə mənbəyinə çevrildiyini vurğulamışdır.
Gürcüstanın xalq müdafiəçisinin, Penal Reform İnternational təşkilatının və Niderland Krallığının Xarici İşlər Nazirliyinin birgə təşkilatçılığı, Cənubi Qafqaz ölkələri MPM-lərinin iştirakı ilə Tbilisi şəhərində keçirilmiş regional konfransda aparatın əməkdaşları Müvəkkilin MPM qismində fəaliyyəti barəsində məlumat vermişlər.
BMT-nin İnsan Hüquqları Şurasının (İHŞ) Məsləhət Komitəsinin 21-ci sessiyasında iştirak edən Müvəkkil sessiyalar çərçivəsində “Durban Bəyannaməsi və Fəaliyyət Proqramının həyata keçirilməsinə qlobal çağırışlar” mövzusu üzrə məruzəsində, sənədin ayrı-seçkiliyin yolverilməzliyi, bərabərlik, irqi ayrı-seçkilik, yersiz düşmənçilik və dövlətlərə qarşı dözümsüzlüklə, habelə yerli xalqlar, miqrantlar və qaçqınlara qarşı ayrı-seçkiliklə mübarizə kimi prinsiplərinin etnik təmizləmə məsələləri də əhatə edilməklə hələ lazımınca səmərəli tətbiq olunmadığını bildirmişdir.
Aparatın əməkdaşı Kiyev şəhərində Avropa İttifaqının İnsan Hüquqları və Münaqişələr adlı xüsusi layihəsi çərçivəsində “Məcburi köçkünlərin hüquqlarının təbliği və müdafiəsində Milli İnsan Hüquqları İnstitutlarının (MİHİ) rolu” mövzusunda təşkil olunmuş seminardakı müzakirələrdə ölkə təcrübəsi barədə məlumat vermişdir.
İstanbul şəhərində BMT-nin Əhali Fondunun  Şərqi Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisinin təşkilatçılığı ilə “MİHİ-nin cinsi və reproduktiv sağlamlıq hüquqlarının öyrənilməsi sahəsində rolu” mövzusunda keçirilən görüşdə aparatın əməkdaşı Müvəkkilin BMT-nin Əhali Fondunun ölkə ofisi ilə birgə həyata keçirdiyi “Azərbaycan Respublikasında cinsi və reproduktiv sağlamlıq və hüquqlar üzrə saziş qurumlarının tövsiyələrinin icra vəziyyətinin qiymətləndirilməsi” üzrə fəaliyyəti barədə məlumat vermişdir.
Moldovanın Kişinyov şəhərində Avropa İttifaqının və Avropa Şurasının dəstəyi ilə “Qeyri ayrı-seçkilik müasir cəmiyyətlərin əsas dəyərlərindən biri kimi” mövzusunda keçirilmiş beynəlxalq konfransda aparatın rəhbəri və təsisatın əməkdaşları iştirak etmişlər.
Aparatın rəhbəri “Azərbaycanda bərabərlik və ayrı-seçkiliyə məruz qalmamaq hüququnun təmin olunması və Müvəkkilin bu sahədəki fəaliyyəti” mövzusuna dair məruzəsində Müvəkkilin bərabərlik və ayrı-seçkiliyə məruz qalmamaq hüququnun təmin olunması sahəsində həyata keçirdiyi fəaliyyət barədə məlumat vermişdir. Həmin tədbirdə aparatın əməkdaşı Müvəkkilin gender bərabərliyi və qadın hüquqlarının təmini sahəsində gördüyü işlərin Milli İnsan Hüquqları İnstitutlarının Qlobal Alyansı tərəfindən BMT-nin Qadınların Statusu üzrə Komissiyasının 62-ci sessiyasına təqdim etdiyi hesabatda müsbət təcrübə kimi yer aldığını diqqətə çatdırmışdır.
Varşava şəhərində ATƏT-in İnsan Ölçüsü üzrə illik görüşündə iştirak edən aparatın rəhbəri MFP-nin icrası istiqamətində məsul dövlət orqanları tərəfindən kompleks tədbirlər həyata keçirildiyini, insan hüquqlarının daha səmərəli müdafiəsi üzrə işlərin görüldüyünü diqqətə çatdırmışdır.
İstanbul şəhərində İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının Türkiyə hökuməti ilə birgə  təşkilatçılığı ilə “İslamofobiya: insan hüquqlarının pozulması və irqçiliyin müasir formada nümayiş etdirilməsi” mövzusundakı plenar sessiyada aparatın rəhbəri çıxışında Azərbaycan Respublikasının çoxmillətli və çoxdinli bir ölkə olduğunu, qeyd etmişdir.
Müvəkkil Qlobal Alyansın BMT-nin Cenevrə qərargahındakı növbəti ümumi yığıncağında və prioritet mövzular üzrə plenar iclaslarda iştirak edərək ahıllar, əlilliyi olan şəxslər, məcburi köçkün və miqrantlarla bağlı fəaliyyəti barədə məlumat vermişdir.
Belçikanın Brüssel şəhərində BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının və İnkişaf Proqramının, Avropa İttifaqının, Avropa Şurasının, nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbirdə aparatın əməkdaşı “Münaqişə vəziyyətində MİHİ-nin rolu” adlı layihənin məşvərət qrupunun üzvü kimi Azərbaycan torpaqlarının 20 faizinin işğal olunduğunu, kütləvi şəkildə insan hüquqlarının pozulduğunu, Ermənistanın işğala son qoyması ilə bağlı BMT-nin məlum dörd qətnaməsini, AŞPA-nın qətnamə və qərarını hələ də yerinə yetirmədiyini diqqətə çatdırmışdır.
Aparatın əməkdaşı Milli İnsan Hüquqları İnstitutlarının Avropa Şəbəkəsinin 2018-2021-ci illər üçün Strateji Planına uyğun olaraq yaradılmış Sığınacaq və Miqrasiya məsələləri üzrə İşçi Qrupunun noyabr ayında Brussel şəhərində təşkil olunmuş ilk iclasın proqramına uyğun olaraq mövzular üzrə müzakirələrdə ölkəmizdə həyata keçirilən sistemli tədbirlər barədə məlumat vermişdir.
Müvəkkil müxtəlif beynəlxalq qurumların nümayəndələri, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri və onların nümayəndələri ilə bir sıra görüşlər keçirmişdir.
Müvəkkil BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqazdakı ofisinin insan hüquqları üzrə baş müşavirini və ali komissarlığın Azərbaycan nümayəndəliyinin rəhbərini qəbul etmişdir.
UNICEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbərini qəbul edən Müvəkkil UNICEF-lə 2018-2019-cu illər üzrə əməkdaşlığa dair ikitərəfli müqavilə imzalamışdır.
Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Respublikasındakı nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Fatoş Hande Harmancını qəbul edən Müvəkkil qonaqla əməkdaşlıq perspektivlərini müzakirə etmişdir.
Müvəkkil BMT QAK-ın Azərbaycandakı yeni nümayəndəsi Quido Ambrosonu qəbul etmiş, görüş zamanı mövcud əməkdaşlığın nəticələri təhlil edilmişdir.

Nəticə və tövsiyələr

İqtisadi və sosial sahələrdə aparılan islahatlar, həyata keçirilən irimiqyaslı layihələr insan və vətəndaş hüquq və azadlıqlarının səmərəli təmin olunmasına və etibarlı müdafiəsinə xidmət etmişdir.
Əmək, sosial təminat, səhiyyə və digər sahələrdə yeni və müasir sistemlərin, habelə müxtəlif istiqamətləri əhatə edən qanunvericilik aktlarının təkmilləşdirilməsi, dövlət proqramlarının tətbiqi, müasir dövrün tələblərinə uyğun institusional islahatların aparılması, əhalinin bütün təbəqələrinin, xüsusilə də aztəminatlı ailələrin və qayğıya daha çox ehtiyacı olan qrupların rifah halının getdikcə yaxşılaşmasına şərait yaratmışdır.
“Doing Business 2019” hesabatında biznesə yaradılan şəraitə görə 190 ölkə arasında 57-ci yerdən 25-ci yerə yüksələn, dünyanın bir çox ölkələrini geridə qoyaraq MDB ölkələri arasında lider mövqeyə yüksələn ölkəmizdə insan hüquqlarının davamlı, sistemli və ardıcıl inkişafı istiqamətində, o cümlədən bu məqsədlə demokratik təsisatların və yeni mexanizmlərin yaradılması yönümündə aparılan kompleks islahatlar daha da sürətlənmişdir.
Dövlət büdcəsinin artması, yeni iş yerlərinin açılması, məşğulluğun təmin edilməsi, işsizliyin və yoxsulluğun səviyyəsinin azaldılması, milli iqtisadiyyatın artım tempinə görə ölkəmizin dünyada lider dövlətlər sırasına qalxması mühüm nəticələrdəndir.
Dövlət-vətəndaş münasibətlərində qarşılıqlı etimad, idarəetmədə yeni təşəbbüslər, cəmiyyətin tərəqqisində müasir çağırışlar, qabaqcıl informasiya texnologiyalarının və innovasiyaların tətbiqi bundan sonra da ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasına, əhalinin isə sosial vəziyyətinin yüksəlməsinə xidmət etməkdədir.
Qeyd edilənlərlə yanaşı, insan hüquq və azadlıqlarının təmin edilməsi üzrə vəzifələri həyata keçirən müvafiq icra hakimiyyəti orqanlarının yerli bölmələrinin fəaliyyətinə nəzarətin daha da gücləndirilməsi zəruridir.
Azad sahibkarlıq hüquqlarının təmin edilməsi məsələlərinə diqqətin artırılması da ölkəmizin iqtisadi inkişafına daha böyük töhfələr verir.
Qanunla müəyyən edilmiş tələblərə ciddi əməl edilməsi və mərkəzi orqanların yerli qurumlarının fəaliyyətinə nəzarətin gücləndirilməsi, etik davranış qaydalarına əməl edilməsi, laqeydlik və biganəliyə yol verilməməsi, peşəkarlığının və məsuliyyət hissinin artırılmasına yönəlmiş tədbirlərin görülməsi davam etdirilməkdədir.
Səlahiyyət dairəsi və funksiyaları Konstitusiya Qanunu ilə müəyyən edilmiş Müvəkkil mövcud resurslardan istifadə edərək, digər dövlət orqanlarının səlahiyyətlərini məhdudlaşdırmadan və onları əvəz etmədən, hüquq müdafiə vasitələrini tamamlayan, hüquqların məhkəmədənkənar müdafiə vasitəsi olan bir qurum kimi öz fəaliyyətini müstəqillik, aşkarlıq, şəffaflıq, qanunçuluq, ədalət və qərəzsizlik prinsipləri əsasında qurmuş, səlahiyyətləri daxilində tədbirlər görməklə bir çox hallarda pozulmuş hüquqların bərpasına nail olmuşdur.
Vətəndaşla dövlət arasında vasitəçilik missiyasını həyata keçirən bir qurum kimi özünü təsdiq etmiş bu təsisat cəmiyyət tərəfindən səmərəli hüquq müdafiə mexanizmi kimi qəbul olunmuşdur.
Dövlət qurumları, vətəndaş cəmiyyəti institutları və icmalarla, habelə beynəlxalq təşkilatlarla və xaricdəki həmkarları ilə işgüzar əməkdaşlıq şəraitində fəaliyyətini davam etdirən Müvəkkil insan hüquq və azadlıqlarının səmərəli təmin edilməsinə, o cümlədən əhalinin müxtəlif qruplarının problemlərinin həllinə yönəlmiş bir sıra yenilik və təşəbbüslərlə çıxış etmişdir.
Qanunvericiliyin təkmilləşdirilməsi, dövlət səviyyəsində həyata keçirilən bir sıra plan və proqramların icrası və tətbiqi vəziyyətini öyrənən, habelə monitorinqini həyata keçirən Müvəkkil öz təşəbbüslərini irəli sürmüş, təklif və tövsiyələr vermişdir.
Müvəkkil fəaliyyəti dövründə müraciətlərin, həmçinin cəzaçəkmə müəssisələrinə, istintaq təcridxanalarına, müvəqqəti saxlama yerlərinə, qanunsuz miqrantların saxlanılma mərkəzlərinə, hərbi hissələrə, uşaqlar, pensiya yaşına çatmış, habelə əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrinə, internatlara, səhiyyə və təhsil müəssisələrinə baxışların, eyni zamanda yerlərdə əhali qrupları, o cümlədən məcburi köçkünlərin məskunlaşdıqları qəsəbələrdə keçirilmiş görüşlərdə, respublikanın şəhər və rayonlarında təşkil edilmiş ictimai dinləmələrdə və maarifləndirmə tədbirlərində aparılmış müzakirələrin, yerində araşdırmalar zamanı aşkar edilmiş problem və çətinliklərin ümumiləşdirilmiş təhlilinin nəticələrinə müvafiq olaraq, insan hüquqlarının səmərəli təmin edilməsi, əhalinin kövrək qruplarının sosial-iqtisadi problemlərinin kompleks həllinə yönəlmiş çoxsaylı təklif və tövsiyələr vermişdir ki, onların da bir çoxu müvafiq qanunvericilik aktlarında, habelə həyata keçirilmiş tədbirlər çərçivəsində öz həllini tapmışdır.
İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının səmərəli təmin edilməsi və etibarlı müdafiəsi məqsədilə Müvəkkilin illik məruzələrində irəli sürdüyü, habelə aidiyyəti dövlət qurumlarına göndərdiyi bir sıra təklif və tövsiyələri isə hələ də öz həllini gözləməkdədir.
İnsan hüquqlarının səmərəli təmin edilməsi, o cümlədən əhalinin qayğıya ehtiyacı olan qruplarının bir sıra sosial-iqtisadi problemlərinin həlli məqsədilə Müvəkkil aşağıdakıları təklif edir:

- humanitar və sosial-iqtisadi sahələrdə prioritetlər və mövcud məsələlərin aktuallığı, habelə ehtiyaclar nəzərə alınaraq, Müvəkkil və vətəndaş cəmiyyəti institutları da cəlb edilməklə icra müddəti bitmiş dövlət plan, proqram və strategiyalarının, habelə müasir çağırışlara əsaslanan yeni konsepsiyaların hazırlanıb təsdiq edilməsi;

- insan hüquqları ilə bağlı vəzifələrin daha səmərəli həyata keçirilməsinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın bir sıra bəndlərinin və yarımbəndlərinin icra müddətinin artıq başa çatdığını nəzərə alaraq, müasir dövrün çağırışlarına uyğun yeni müddətli fəaliyyət proqramının hazırlanaraq təsdiq edilməsi;

- müxtəlif sahələri əhatə edən dövlət proqramlarının icrası və tətbiqi vəziyyətinin öyrənilməsi ilə bağlı səlahiyyətli dövlət qurumları, Müvəkkil və vətəndaş cəmiyyəti institutları tərəfindən monitorinqlərin aparılması;

- insan hüquqları ilə bağlı hər bir şəhər və rayonda dövlət büdcəsi hesabına müntəzəm fəaliyyət göstərən hüquq məsləhətxanalarının yaradılması;

- uşaqların, habelə onları böyüdən tənha anaların hüquqlarının və qanuni maraqlarının təmini məqsədilə aliment tələbinə dair məhkəmə qərarlarının icrasının təmin edilməsi sahəsində mövcud olan problemlərin həllinə istiqamətlənmiş hüquqi mexanizmin müəyyən edilməsi;

- məhkəmə qərarlarına əsasən borclu dövlət qurumları tərəfindən vətəndaşlara ödənilməli olan vəsaitlərin ödənişinin təmin edilməsi məqsədilə həmin qurumlara müvafiq maliyyə vəsaitinin ayrılması üzrə mexanizmin hazırlanması və tətbiq edilməsi;

- internet vasitəsilə insan mənəviyyatına və psixikasına olan təhlükələrlə bağlı müdafiə mexanizmlərinin təkmilləşdirilməsi, cəmiyyətdə informasiya təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması, habelə uşaqların internetdən təhlükəsiz istifadənin təbliği məqsədi ilə geniş maarifləndirmə işinin aparılması;

- 2004-cü il 6 yanvar tarixində ölkəmiz tərəfindən müvafiq bəyanatlarla təsdiq edilmiş 1996-cı il 3 may tarixli «Dəyişdirilmiş Avropa Sosial Xartiyası»nın 2-ci (ədalətli əmək şəraiti hüququ), 3-cü (təhlükəsiz və sağlam əmək şəraiti hüququ), 15-ci (əlil şəxslərin müstəqillik, sosal inteqrasiya və ictimai həyatda iştirak etmək hüququ) və 23-cü (ahıl yaşlı şəxslərin sosial müdafiə hüququ) və başqa maddələrinin tədricən ratifikasiya edilməsi;

- ölkəmizin Beynəlxalq Əmək Təşkilatının «Sosial təminatın minimum normaları haqqında» 102 saylı Konvensiyasına qoşulması;

- əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli, 189 saylı qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin 1.1-ci maddəsinə uyğun olaraq, faktiki təqvim günləri üzrə hesablanmasının təmin edilməsi;

- işçilərin ixtisarı zamanı pensiya yaşının çatmasına azı 5-7 il qalmış işçilərin əmək və sosial təminat hüquqlarının müdafiəsi məqsədi ilə yaşa görə əmək pensiyası yaşına çatmasına 10 il qalmış qadınların və 7 il qalmış kişilərin əmək müqaviləsinin əsassız ləğv edilməsinin qadağan olunması və bununla bağlı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinə, eyni zamanda işəgötürən tərəfindən müvafiq hallarda işə qəbuldan əsassız imtina edilməsinə görə inzibati məsuliyyətin müəyyən edilməsi və bu məqsədlə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsinə müvafiq əlavənin edilməsi;

- tikinti şirkətləri tərəfindən əməyin mühafizəsi, texniki təhlükəsizlik və istehsal sanitariyası qaydalarına uyğun olan sağlam və təhlükəsiz əmək şəraiti yaradılmasına, habelə tikinti zonası ətrafında təhlükəsizliyin təmin olunmasına nəzarətin gücləndirilməsi;

- dövlət qulluqçularının sosial təminat hüququnun səmərəli təmin edilməsi üçün dövlət qulluğunda xidmət illərinin minimum həddi kimi müəyyən edilmiş qulluq stajının 15 ildən 10 ilə endirilməsi ilə bağlı “Əmək pensiyaları haqqında”, “Dövlət qulluğu haqqında” və “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər edilməsi;

- qanunvericiliklə müəyyən edilmiş qaydada I qrup əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud olan 18 yaşınadək uşaqlara ümumilikdə 30 ildən az olmamaqla qulluq edən kişilərin 60, 25 ildən az olmamaqla qulluq edən qadınların isə 55 yaşına çatdıqda güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslər qrupuna aid edilməsi, bu məqsədlə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əlavələr olunması;

- borcun (kreditin) ailə tərəfindən yalnız müvəqqəti istifadə edilə bilən və mütləq qaydada, müqavilə ilə müəyyən edilmiş hallarda hesablanmış faizi ilə qaytarılması vacib olan əmlak olduğu üçün təyinatı nəzərə alınmaqla ailənin gəlirləri sırasından çıxarılması, bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli, 37 saylı qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 5.9-cu bəndində müvafiq dəyişiklik edilməsi;

- ünvanlı dövlət sosial yardımları müəyyən edilərkən “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müavinət alan vətəndaşlara ödənilən müavinətin məbləğinin ümumi ehtiyac meyarının məcmusundan çıxarılması;

- birdəfəlik müavinətlərin ödənilməsi hallarının geniş qrupu əhatə etmədiyini və yalnız zəruri hallarda ödənilməsini nəzərə alaraq, uşağın anadan olmasına görə, radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün, habelə dəfn üçün nəzərdə tutulmuş müavinətlərin məbləğinin artırılması;

- yaşa, ailə başçısını itirməyə görə, şəhid uşaqlarına, bir yaşınadək uşağı olan aztəminatlı ailələrə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) ödənilən müavinətlərin məbləğinin artırılması;

- milli genefondun və gələcək nəsillərin sağlamlığının qorunması məqsədilə körpələrin və erkən yaşlı uşaqların milli mənsubiyyətinin özəlliklərini, genetik kodu özündə daşıyan, nəsildən-nəslə ötürən ana südü ilə qidalanmasının “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında” Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli, 475-IIQ saylı Qanununa uyğun səmərəli təşkili məqsədilə “ana südü mətbəxi”nin (bankının) bərpa edilməsi;

- reproduktiv sağlamlıq və ailə planlaşması üzrə milli strategiyanın hazırlanması, təsdiq edilməsi və icma səviyyəsində tətbiqi;

- doğuşun tibbi göstəriş olmadan vaxtından əvvəl qeysəriyyə yolu ilə cərrahi müdaxilə edilməklə həyata keçirilməsinin qarşısını almaq məqsədilə buna yol verən həkimlərlə bağlı hüquqi məsuliyyətin müəyyən edilməsi və əhali arasında problemlə bağlı maarifləndirmə işinin gücləndirilməsi;

- tələbata müvafiq olaraq, hepatit, şəkərli diabet, hemofiliya və talassemiya xəstələri də xüsusilə nəzərə alınaraq, Nazirlər Kabinetinin 2005-ci il 7 mart tarixli, 38 saylı Qərarının 2-ci bəndində nəzərdə tutulmuş və Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş "Pulsuz dərman reseptləri əsasında verilən dərman preparatlarının siyahısı"nda dövriyyədən çıxarılmışların yeni tövsiyə edilən dərmanlarla əvəz olunması;

- ölkə üzrə beynəlxalq standartlara cavab verməyən ruhi-əsəb müəssisələri binalarının yenidən tikilməsi və ya əsaslı təmir edilməsi, bu müəssisələrdə müalicə alan xəstələrin qida və tibbi təminatının yaxşılaşdırılması, həmçinin orada çalışan personalın sosial müdafiəsinin gücləndirilməsi;

- obyektiv nəticənin əldə edilməsi və işlək mexanizmin yaradılması məqsədi ilə taleyüklü ümummilli məsələlərin, o cümlədən ümumtəhsil müəssisələrində buraxılış imtahanlarının və yekun qiymətləndirmənin (attestasiyanın) keçirilməsi ilə bağlı qaydaların hazırlanması zamanı ölkənin təcrübəli məktəb müəllimlərinin iştirakı ilə ictimai müzakirələrin keçirilməsi;

- ümumtəhsil müəssisələrinə birinci sinfə şagird qəbulu prosesinin təkmilləşdirilməsi, məktəblərin ərazi aidiyyətinin qəbul prosesinədək dəqiqləşdirilməsi və bu məlumatların əvvəlcədən elan edilməsi, siniflərin komplektləşdirilməsi zamanı "Ümumtəhsil məktəbinin nümunəvi nizamnaməsi"ndə şagirdlərin və məktəbəhazırlıq qruplarındakı uşaqların sayı ilə bağlı tələblərə riayət olunmasına nəzarətin gücləndirilməsi;

- Təhsil Nazirliyinin Fövqəladə Hallar Nazirliyi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə regionlarda, o cümlədən məcburi köçkünlərin sıx məskunlaşdıqları yerlərdə monitorinqlər aparmaqla hələ də qəzalı vəziyyətdə olan məktəb və uşaq bağçalarının müəyyən edilərək yenidən qurulması və ya əsaslı təmir edilməsi, eyni zamanda məktəbəqədər təhsil müəssisələrini Təhsil Nazirliyinin tabeliyinə qaytarmaqla, büdcəsindən maliyyələşdirilməsi;

- orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailələrdən olan məktəbli və tələbələrin ictimai nəqliyyatdan güzəştli istifadəsi üzrə mexanizmin hazırlanıb tətbiq edilməsi;

- zəruri ehtiyaclar nəzərə alınmaqla yeni tələbə yataqxanalarının bərpa və ya inşa edilməsi;

- əhalinin sosial cəhətdən kövrək qruplarının hüquqi və sosial müdafiəsində sosial işçilərin insan hüquqları üzrə zəruri biliklərə malik olmalarının əhəmiyyəti nəzərə alınaraq, “Sosial iş” ixtisası üzrə mütəxəssis hazırlayan ali təhsil müəssisələrinin tədris proqramlarına “Sosial iş və insan hüquqları” fənlərinin daxil edilməsi;

- ən azı 15 il ümumtəhsil məktəbində müəllim və ya tibb müəssisələrində həkim işləyən şəxslərə ipoteka kreditinin verilməsində güzəştlərin tətbiq edilməsi, bu məqsədlə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli, 940 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”na müvafiq bəndin əlavə edilməsi;

- dövlət qulluğunda olan, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxslər üçün güzəştli ipoteka kreditindən istifadə etmək hüququnun əldə edilməsi ilə bağlı müvafiq normativ hüquqi aktlarda müəyyən edilmiş 15 il iş stajının digər imtiyazlı peşə sahiblərinin staj müddətinə uyğunlaşdırılması (ən azı 5 və ya 7 ilə endirilməsi) məqsədilə müvafiq qanunvericilik aktlarında dəyişikliklərin edilməsi;

- vətəndaşların təhlükəsiz yaşamaq, mənzil və mülkiyyət hüquqlarının etibarlı qorunması məqsədilə fiziki və hüquqi şəxslər tərəfindən idxal olunan tikinti materiallarının standartlara uyğunluğunun yoxlanılması, uyğun olmayan materialların satışdan və istifadədən çıxarılması və təqsirkar şəxslər barəsində qanunla müəyyən edilmiş tədbirlərin gücləndirilməsi;

- sakinlərin üzləşdikləri problemlərin aradan qaldırılması və onların öz hüquqlarından yetərincə istifadə etməsinə şərait yaradılması məqsədilə yeni salınmış yaşayış massivlərinə ünvanların verilməsi;
- aztəminatlı ailələrə məxsus olan və təbii köhnəlmə nəticəsində yararsız və qəzalı vəziyyətə düşən fərdi yaşayış evlərinin bərpası və ya əsaslı təmir olunması üzrə mexanizmin hazırlanması;

- yerli icra hakimiyyəti orqanları tərəfindən Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri də cəlb edilməklə köhnəlmiş, istismar müddəti keçmiş və yaşayış üçün təhlükəli olan qəzalı binaların müəyyən edilməsi və zəruri tədbirlərin görülməsi;
- qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qəbul komissiyası tərəfindən istismarına icazə verilməyən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmayan, sığorta edilməyən çoxmənzilli binalarda mənzillərin məskunlaşdırılmasına və satılmasına qanunla qadağa qoyulması;

 - Bakı şəhərinin Bayıl massivində və başqa ərazilərində, həmçinin respublikanın müxtəlif yerlərində torpaq sürüşməsinin törətdiyi fəsadların aradan qaldırılması, sakinlərin təhlükəsiz yaşamaq və mənzil hüquqlarının təmin edilməsi;

- məcburi köçkünlərin zəbt edilmiş mənzillərdən çıxarılmasına dair məhkəmə qərarlarının icrasının təmin edilməsi məqsədilə onların məcburi köçkünlər üçün tikilmiş və ya başqa binalara köçürülməsinin sürətləndirilməsi;

- müqavilə əsasında iş görən (xidmətlər göstərən) fiziki və hüquqi şəxslər barədə qeydiyyat məlumatlarının əlçatanlığının qanunvericiliklə müəyyən edilməsi, bununla bağlı “Kommersiya sirri haqqında” Azərbaycan Respublikası Qanununda müvafiq əlavə və dəyişikliklər olunması;

- azad sahibkarlığın, xüsusilə kiçik və orta sahibkarlıq subyektlərinin maraqlarının müdafiəsi,  bu sahəyə dövlət dəstəyinin genişləndirilməsinə yönəlmiş tədbirlərin təşviq edilməsi məqsədilə sahibkarların gəlirlərindən dövlətin prioritet məqsədlərinin həyata keçirilməsinə, sərf olunmuş vəsaiti çıxmaqla sadələşdirilmiş vergi hesablanmasının tətbiq olunması;

- BMT-nin "Qlobal Saziş"inin, "Biznes və insan hüquqları üzrə rəhbər prinsipləri"nin və digər beynəlxalq sənədlərin müddəalarını nəzərə alaraq, sahibkarlıq fəaliyyəti zamanı insan hüquq və azadlıqlarına hörmət və riayət edilməsini təmin etmək, korporativ sosial məsuliyyətin təbliği və tətbiqi ilə sahibkarların ölkənin ictimai-sosial həyatında fəal iştirakına şərait yaratmaq, bu sahədə aidiyyəti dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsinə nail olmaq məqsədi ilə müvafiq dövlət proqramının işlənib hazırlanması;

- sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı insan hüquqlarına riayət olunması vəziyyəti barədə sahibkarlar tərəfindən dövri hesabatların hazırlanması və təqdim edilməsi mexanizminin işlənib hazırlanması və tətbiqi, bu barədə “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq əlavənin edilməsi;

- BMT-nin Uşaq Hüquqları Komitəsinin Azərbaycan hökumətinə tövsiyələri nəzərə alınaraq, uşaqların təhsili və sosial təminatı üçün maliyyə vəsaitinin artırılması;

- əlilliyi olan uşaqların ehtiyaclarının digərlərindən fərqli olduğu nəzərə alınaraq, ailə başçısını itirmiş və əlilliyi olan uşaqlara hər iki hala görə müavinətin verilməsi məqsədilə “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklərin edilməsi;

- regionlarda sağlamlıq imkanları məhdud uşaqlar üçün müvafiq reabilitasiya və inklüziv təhsil müəssisələri şəbəkəsinin genişləndirilməsi, habelə sosial işçi, psixoloq və digər mütəxəssislərlə təmin edilməsi, onların əmək haqlarının artırılması;

- mediada gender bərabərliyi prinsiplərinə riayət edilməsi ilə bağlı “Azərbaycan jurnalistlərinin peşə davranışı qaydaları”na edilmiş yeni dəyişiklərin təbliği istiqamətində maarifləndirici tədbirlərin həyata keçirilməsi;

- erkən evliliklərin və bu sahədə baş verə biləcək problemlərin qarşısını almaq məqsədilə bütün ölkə üzrə, xüsusilə kənd rayonlarında, qəsəbə və kəndlərdə şəhər və rayon icra hakimiyyəti başçılarının inzibati ərazi vahidləri üzrə nümayəndəlikləri, bələdiyyələr, yerli təhsil və tibb müəssisələri, polis sahə inspektorları tərəfindən valideynlər və gənclər arasında zəruri maarifləndirmə işinin aparılması;

- əxlaqsız həyat tərzinin, habelə cinsi yolla yoluxan xəstəliklərin qarşısının alınması məqsədilə polis orqanları tərəfindən (zəruri hallarda aidiyyəti qurumların nümayəndələri də cəlb edilməklə) Bakıda və regionlarda fəaliyyət göstərən qapalı ictimai iaşə müəssisələrində davamlı monitorinqlərin aparılması;

- iş yerlərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən (Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyasının nümayəndələri də cəlb edilməklə) gender bərabərliyi sahəsində diskriminasiyasının monitorinqinin aparılması;

- gender məsələlərinə diqqətin artırılması, BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsinin Azərbaycan Hökumətinə tövsiyələri nəzərə alınaraq, zorakılıq qurbanı olan qadınlar və uşaqları üçün regional sığınacaqlar şəbəkəsinin genişləndirilməsi;

- “Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət  Proqramı”, “Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı”, “Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün zəruri olan fəaliyyət şəraitinin yaradılması Qaydaları” layihələrinin təsdiq edilməsinin sürətləndirilməsi;

- əlilliyin qruplara görə deyil, şəxsin funksional imkanlarının məhdudlaşmasının faiz dərəcəsinə görə müəyyən edilməsi, həmçinin buna uyğun müvafiq sosial dəstək tədbirlərinin həyata keçirilməsi;

- sosial infrastruktur obyektlərinin əlilliyi olan şəxslərin real tələbatına uyğunlaşdırılması;

- Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”na müvafiq olaraq, əlilliyi olan şəxslərin ictimai nəqliyyatdan və yol infrastrukturundan (xüsusilə piyada keçidlərindən) rahat şəkildə istifadə edə bilməsi üçün müyəssər şəraitin yaradılması;

- mənzil kirayəsində qiymət artımı nəzərə alınaraq, hərbi qulluqçulara müvəqqəti mənzilin kirayəsi üçün ödənilən pul kompensasiyasının və hərbi rütbələrə görə ödənilən pul təminatının məbləğinin artırılması, eyni zamanda vəzifə maaşlarının və digər gəlirlərinin gəlir vergisindən azad edilməsi;

- düşmənlə təmas xəttində yerləşən hərbi hissələrin tərkibində döyüş tapşırıqlarını yerinə yetirən hərbi qulluqçular üçün xüsusi fərqləndirici (həvəsləndirici) döş nişanlarının təsis olunması, habelə həmin mövqelərdə xidmət edən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına xidmət müddətində ikinci növbəti məzuniyyətin müəyyən edilməsi;

- müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə bağlanan ilkin xidmət müqaviləsinin vaxtından əvvəl pozulduğu hallarda səbəb kimi şəxsin xidməti uyğunsuzluğa görə tərxis edilməsinin göstərildiyini və bunun gələcəkdə iş tapmaqda böyük çətinliklər yaratdığını nəzərə alaraq, müvafiq müqavilə bağlanmazdan əvvəl sınaq müddətinin tətbiq edilməsi;

- “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 fevral tarixli Sərəncamına uyğun olaraq, məhkumların islah olunması, maddi ehtiyaclarının ödənilməsi və ictimai faydalı əməyə cəlb olunması məqsədilə cəzaçəkmə müəssisələrində yeni istehsal sahələrinin yaradılması;

- cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumların islah olunması, şəxsiyyətinin inkişafı, mənəvi təcrid olunmasının aradan qaldırılması və azad olunduqdan sonra cəmiyyətə maneəsiz uyğunlaşması məqsədilə “Cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumların islah edilməsi, sosiallaşması və probasiyanın tətbiqi” üzrə məqsədli dövlət proqramının hazırlanıb qəbul edilməsi və həyata keçirilməsi;

- preventiv tədbirlər kimi, cəza çəkməkdən azad edilmiş şəxslərin sosiallaşması məqsədilə regionlar da əhatə olunmaqla sosial adaptasiya mərkəzlərinin sayının artırılması, sosial-psixoloji yardım xidmətlərinin genişləndirilməsi, habelə onların işlə təmin edilməsi;

- Penitensiar Xidmətin müalicə müəssisəsinin, həbsxanasının, qadın cəzaçəkmə müəssisəsinin, yetkinlik yaşına çatmayanlar üçün tərbiyə müəssisəsinin və 2 saylı istintaq təcridxanasının yeni binalarının tikintisinin sürətləndirilməsi;

- insan hüquqlarının və ölkəmizin milli maraqlarının müdafiəsi baxımından əhəmiyyətli olan beynəlxalq tədbirlərdə iştirakın təmin edilməsi, bu məqsədlə ölkəmizdə beynəlxalq tədbirlərin keçirilməsi, habelə beynəlxalq və regional təşkilatların üzvü kimi fəaliyyətin davam etdirilməsi məqsədilə Müvəkkilin illik büdcəsində müvafiq maliyyə təminatının nəzərə alınması;

- müasir və çevik idarəetmənin tətbiqi, idarələrarası elektron sənəd dövriyyəsi sisteminə inteqrasiyanın təmin edilməsi, vətəndaşlara göstərilən xidmət səviyyəsinin artırılması məqsədi ilə Ombudsman Aparatında “Elektron sənəd dövriyyəsi sistemi”nin yaradılması, bu məqsədlə mütəxəssislərin cəlb olunması, maddi-texniki bazanın yenilənməsi, dövlət strukturları üçün nəzərdə tutulmuş proqram təminatı lisenziyalarının alınması üçün maliyyə vəsaiti ilə təmin edilməsi.

İqtisadi və sosial məsələlərlə bağlı 2019-cu il fevralın 25-də keçirilən müşavirədəki çıxışında ölkə Prezidenti demişdir: “2018-ci il dərin iqtisadi islahatlar ili olmuşdur... 2019-cu ilin sonrakı aylarında da çox ciddi islahatlar aparılacaq və dərinləşdiriləcək ki, ölkəmizin hər bir sahəsində inkişaf, tərəqqi olsun, vətəndaşlar daha da yaxşı yaşasınlar.”
Azərbaycan Respublikasının dayanıqlı inkişaf yolu ilə tərəqqisi, insan və vətəndaş hüquq və azadlıqlarının səmərəli təmin edilməsi və etibarlı müdafiəsi naminə həyata keçiriləcək bu islahatlara dəstək məqsədilə cəmiyyətin bütün qüvvələrini - dövlət qurumlarını, qeyri-hökumət təşkilatlarını, kütləvi informasiya vasitələrini, icmaları, hər bir fərdi bir daha sıx əməkdaşlığa dəvət edirəm.

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi