12.02.2019 Tarixinə olan hesabat

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin
həyata keçirilməsi ilə bağlı illik məruzə
(2018-ci il üzrə)

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş inkişaf konsepsiyasına uyğun olaraq 2018-ci ildə də ölkəmizdə ardıcıl və məqsədyönlü islahatlar aparılmış, iqtisadiyyatın bütün sahələrində tərəqqinin təmin edilməsi üzrə mühüm tədbirlər həyata keçirilmiş, yeni, qabaqcıl texnologiyaya əsaslanan sənaye müəssisələri yaradılmış, əhalinin yaşayış səviyyəsi xeyli yaxşılaşmışdır.
Yeni tarixi uğurlara imza atılaraq "Cənub qaz dəhlizi" və TANAP-ın açılışı olmuş, "İpək yolu" strategiyası davam etdirilərək Ələt Beynəlxalq Dəniz Ticarət limanı, Ələt-Astara-İran magistral avtomobil yolu istismara verilmişdir. Bu cür qlobal layihələr dövlətin strateji maraqlarını təmin etməyə, Azərbaycanın tranzit ölkə kimi nüfuzunu artırmağa, beynəlxalq əlaqələrini gücləndirməyə xidmət etmişdir. Orbitə buraxılmış yeni "Azerspace-2" peyki sayca üçüncü olmaqla, kosmik tədqiqatlar aparan dövlətlər sırasında ölkəmizin yerini möhkəmləndirmişdir. Ordu quruculuğu sahəsində həyata keçirilən işlər genişləndirilmiş, hərbi-sənaye potensialı, milli ordunun döyüş bacarığı güclənmişdir.
Sosial-iqtisadi sahələrdə əldə edilən uğurlar, eləcə də aparılan islahatlar, innovativ iqtisadi sistemin formalaşdırılması istiqamətində həyata keçirilən misilsiz işlərin nəticəsində dövlətimiz beynəlxalq hesabatlarda uğurları ilə diqqət mərkəzində olmaqda davam edir. Xüsusilə qeyd etmək lazımdır ki, Dünya Bankının "Doing business 2019" hesabatında Azərbaycan ötən illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşmış və dünyanın 10 ən islahatçı dövləti sırasına daxil edilmişdir. Əldə olunan bu böyük uğurlar ölkə Prezidenti cənab İlham Əliyevin davamlı olaraq həyata keçirdiyi düşünülmüş, məqsədyönlü, müdrik siyasətin nəticəsidir.
2018-ci il aprelin 11-də şəffaf və demokratik şəraitdə keçirilmiş prezident seçkilərində cənab İlham Əliyev böyük vətəndaş həmrəyliyi ilə parlaq qələbə qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Bu seçki ulu öndər Heydər Əliyevin siyasi kursuna yüksək etimadı, iqtidarla xalqın birliyini göstərmiş, ölkənin uğurlu gələcəyinə inamı daha da artırmışdır.
Ötən il digər tarixi hadisələrlə də zəngin olmuş, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi dövlət səviyyəsində geniş qeyd edilmişdir. Ədliyyə işçiləri üçün xüsusilə əlamətdar olan 2018-ci ildə Azərbaycan ədliyyəsinin 100 illiyi qeyd olunmuş, yubiley ərəfəsində ədliyyə fəaliyyətini tənzimləyən qanunvericiliyə mühüm dəyişikliklər edilmiş, silsilə tədbirlər keçirilmişdir.
Ölkəmizdə qanunçuluğun möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının qorunması, idarəetmə sisteminin optimallaşdırılması istiqamətində ardıcıl tədbirlər görülmüşdür. Dövlət idarəçiliyində öz yeri olan bələdiyyələrin inkişafı məsələləri də diqqət mərkəzində saxlanılaraq yerli özünüidarənin təkmilləşdirilməsi üçün bir sıra qanunlara dəyişiklik edilmiş, yeni normativ hüquqi aktlar qəbul olunmuş, bələdiyyələrin işinin "Yerli özünüidarəetmə haqqında" Avropa Xartiyasına uyğun qurulmasının təmin edilməsi yönündə tədbirlər davam etdirilmişdir. 
2018-ci il 13 fevral tarixli Azərbaycan Respublikasının Qanunu ilə bələdiyyələrə daşınmaz əmlakın dövlət reyestrindən məlumatların verilməsini tənzimləmək məqsədi ilə "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanuna dəyişiklik edilmişdir. Dəyişikliyə uyğun olaraq  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 26 sentyabr tarixli Qərarı ilə "Bələdiyyələrin yazılı və ya elektron sorğuları əsasında daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarının verilməsi qaydası və bununla bağlı ödənişin miqdarı" təsdiq olunmuşdur. Bu qaydalar vergiyə cəlb edilən daşınmaz əmlak və onun mülkiyyətçiləri barədə daşınmaz əmlakın dövlət reyestrindən bələdiyyələrin məlumatlar almaq imkanını reallaşdıraraq əmlak vergisi ödəyicilərinin uçotunun aparılmasında və verginin toplanması işində onların imkanlarının artmasını təmin etməyə yönəlmişdir. Qeyd olunan məsələ ilə bağlı "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" Qanuna da dəyişiklik edilmişdir.
"Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" 2018-ci il 12 iyun tarixli Qanunda da bələdiyyələr üçün bir sıra vəzifələr nəzərdə tutulmuşdur. Bu Qanunla bələdiyyələr öz ərazisində ətraf mühitə təsirin qiymətləndirilməsinin (ƏMTQ) həyata keçirilməsində iştirak etmək və ƏMTQ sənədinin hazırlanması üçün tələb olunan zəruri məlumatları təqdim etmək, həmin ərazidəki fiziki və hüquqi şəxslərin, habelə daşınmaz əmlak mülkiyyətçilərinin, qeyri-hökumət təşkilatlarının, vətəndaşların təşəbbüs qruplarının və bələdiyyələrin məhəllə komitələrinin müraciətinə əsasən ictimai ekoloji ekspertizanın təşkilində və keçirilməsində onlara kömək etmək, nəzərdə tutulan fəaliyyətin dövlət ekoloji ekspertizası rəyinə uyğun həyata keçirilməsinin təmin edilməsində, ƏMTQ-ə dair ictimai dinləmələrin keçirilməsində iştirak etmək vəzifələrini daşıyırlar.
 "Məşğulluq haqqında" 2018-ci il 29 iyun tarixli Qanunda məşğulluq sahəsində yerli özünüidarə orqanlarının iştirakı ilə bağlı məsələlər də tənzimlənərək bələdiyyələr üçün bir sıra hüquq və vəzifələr müəyyən edilmişdir. Belə ki, bələdiyyələrə işaxtaran və işsiz şəxslər üçün haqqı ödənilən ictimai işlərin təşkil edilməsi, respublika və ərazi məşğulluq proqramlarının hazırlanmasında və məşğulluğa kömək göstərən əlaqələndirmə komitələrinin işində iştirak, yerli sosial müdafiə və sosial inkişaf proqramlarında əhalinin məşğulluğuna kömək göstərilməsi ilə bağlı əlavə təminatların nəzərdə tutulması ilə əlaqədar hüquqlar verilmiş, ailə kəndli təsərrüfatlarının uçota alınması və bununla bağlı müvafiq orqana məlumat verilməsinə dair bələdiyyələrin üzərinə vəzifə qoyulmuşdur.
Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli Qanunu ilə "Bələdiyyələrin statusu haqqında" Qanunda dəyişiklik edilərək qəbiristanlıqların saxlanılması, idarə olunması, abadlaşdırılması, köçürülməsi məsələləri bələdiyyələrin səlahiyyətlərinə aid edilmişdir. Bununla əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli qərarı ilə "Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları" təsdiq edilmişdir. Qərara görə, yerli icra hakimiyyəti orqanları 3 ay müddətində qəbiristanlıqları aidiyyəti bələdiyyələrə təhvil verməlidirlər. Bu işlərin qanunauyğun və vaxtında yerinə yetirilməsinə metodik kömək məqsədi ilə bələdiyyələrə müvafiq tövsiyələr verilmişdir. Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli Qanunu ilə həmin Qaydaların tələblərini pozan şəxslər üçün İnzibati Xətalar Məcəlləsində məsuliyyət də müəyyən edilmişdir.
Göstərilənlərlə yanaşı, "Bələdiyyələrin su təsərrüfatı haqqında", "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında", "Bələdiyyələrin statusu haqqında", "Torpaq islahatı haqqında" Qanunlara, Torpaq Məcəlləsinə və bir sıra başqa qanunlara da zəruri dəyişikliklər edilmişdir.
"Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında" Qanunla bələdiyyələrə maliyyə yardımı məqsədi ilə yerli büdcə üçün 5,2 milyon manat dotasiya ayrılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16 aprel tarixli Sərəncamı ilə dotasiyanın bölgüsü təsdiq olunaraq icrası təmin edilmişdir.
Habelə, Nazirlər Kabinetinin 2018-ci il 17 avqust tarixli Qərarı ilə "Elektron xidmət növlərinin Siyahısı"na dəyişiklik edilərək bələdiyyələr tərəfindən təqdim edilən rüblük maliyyə məlumatlarının qəbulu Maliyyə Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərdən biri kimi müəyyən edilmişdir.
Ölkə Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi"nin Tədbirlər Planında nəzərdə tutulan "Bələdiyyələrin kəndin sosial-iqtisadi inkişafı ilə bağlı öhdəliklərinin artırılması"na dair tədbirin əsas icraçısı olan Ədliyyə Nazirliyi tərəfindən müəyyən işlər görülmüşdür. Belə ki, Yol Xəritəsində nəzərdə tutulan aidiyyəti tədbirlərin icrası ilə bağlı bir sıra maarifçilik tədbirləri həyata keçirilmiş, habelə ayrıca tövsiyə hazırlanaraq Nazirliyin rəsmi saytında yerləşdirilmiş, həmçinin bütün bələdiyyələrə, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinə göndərilmişdir. Göstərilənlərlə yanaşı, İşçi qrupunun qərarı ilə kəndin inkişaf modelinin yaradılması məqsədi ilə 7 pilot bələdiyyə seçilmiş, İqtisadiyyat və Kənd Təsərrüfatı  nazirliklərinin, aidiyyəti yerli icra hakimiyyəti orqanları və bələdiyyələrin təklifləri öyrənilərək onların nümayəndələrinin və ekspertlərin iştirakı ilə keçirilən iclasda zəruri qərarlar və onların icrasını təmin etmək üçün İşçi qrupunun 2019-cu il üzrə İş planı təsdiq edilmiş və başqa tədbirlər görülmüşdür.
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 dekabr tarixli 819 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nın Tədbirlər Planında Ədliyyə Nazirliyi qarşısında yerli özünüidarəetmə orqanlarının kadr potensialının gücləndirilməsi, bələdiyyə idarəçiliyi sahəsində mütəxəssislərin hazırlanması məqsədi ilə yerli özünüidarəetmə orqanlarının aparatlarında çalışan işçilərin Ədliyyə Akademiyasında kurslara, treninqlərə və təlimlərə cəlb edilməsi, bələdiyyə üzvləri və qulluqçularının peşəkarlığının artırılması üçün xarici ölkələrin yerli özünüidarəetmə orqanları ilə beynəlxalq təcrübə mübadiləsinin təşkil edilməsi ilə bağlı vəzifələr müəyyən edilmişdir. Dövlət Proqramının icrası məsələləri nazirliyin Kollegiyasında müzakirə olunaraq 2019-cu il üzrə Tədbirlər planı təsdiq edilmiş və icrasına başlanılmışdır.
Yerli özünüidarənin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər bələdiyyələrin imkanlarını genişləndirmiş, onların inkişafı üçün daha əlverişli şərait yaratmışdır. Bələdiyyələr əsasən yerli əhalinin maraqlarını təmin etmək üçün sosial-iqtisadi problemlərin həllində fəal iştirak etmiş, təmir-abadlıq işləri görmüş, qanunla onlara verilən maliyyə potensialını artırmağa çalışmışlar.
Yerli özünüidarəetmə orqanlarının qəbul etdikləri aktların Azərbaycan Respublikasının normativ hüquqi aktlarına uyğunluğunun və bütövlükdə bələdiyyələrin işində qanunçuluğun təmin edilməsi qanunvericiliklə Ədliyyə Nazirliyinin üzərinə qoyulmuş başlıca vəzifələrdən biridir. Bu vəzifənin tələb olunan səviyyədə həyata keçirilməsi üçün zəruri tədbirlər görülmüşdür.
Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin yaxşılaşdırılması məqsədi ilə bu sahədə görülən işlər təhlil olunaraq Ədliyyə Nazirliyinin Kollegiyasında müzakirə edilmiş, mövcud çatışmazlıqların aradan qaldırılması, qarşıya çıxan problemlərin həll edilməsi üçün tapşırıqlar verilmiş və onların icrası təmin olunmuşdur.
Hesabat dövründə inzibati nəzarət qaydasında baxılması üçün Ədliyyə Nazirliyinə 72535 bələdiyyə aktı (o cümlədən Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinə 2077 akt) daxil olmuşdur (ötən illə müqayisədə 12 % çox). Onlardan 69775 (96 %) akt qanunvericiliyə uyğun hesab edilmiş, normativ hüquqi aktlara uyğun olmayan 2403 aktın dəyişdirilməsi və ya ləğv edilməsi üçün aidiyyəti bələdiyyələrə təkliflər verilmiş (ötən illə müqayisədə 21,5% çox), digərləri (357 akt) isə baxılmaqdadır. Bu təkliflər əsasında bələdiyyələr tərəfindən 979 akt ləğv edilmiş, 1031 akt dəyişdirilmiş, qalan 384 təklif isə baxılmaqdadır. Bələdiyyələr tərəfindən təmin olunmayan təkliflər üzrə aktların dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı məhkəmələrdə 9 iddia qaldırılmışdır. Onlardan    4-ü məhkəmə tərəfindən təmin edilərək bələdiyyə aktları ləğv edilmiş, 5-i isə baxılmaqdadır.
İl ərzində 256 ha torpaq sahəsinin qanunsuz olaraq mülkiyyətə, 5657 ha torpaq sahəsinin icarəyə, 8 ha torpaq sahəsinin istifadəyə verilməsi haqqında qərarlar Nazirliyin təklifləri və ya iddiaları əsasında bələdiyyələr və müvafiq məhkəmələr tərəfindən ləğv edilmişdir. Bütövlükdə, 5921 ha torpaq sahəsinin qanunsuz verilməsinin qarşısı alınmışdır (ötən illə müqayisədə 2,2 dəfə çox).
"Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsində nəzərdə tutulmuş bələdiyyə aktlarının vaxtında təqdim edilməsi üzərində inzibati nəzarətin gücləndirilməsi üçün bir sıra tədbirlər görülmüşdür. Bunun nəticəsidir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsinə əsasən bələdiyyələrin 143 vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəmələrə göndərilmişdir (ötən illə müqayisədə 46 % çox). Həmin protokollar üzrə 133 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilmiş, 10 protokol isə baxılmaqdadır. 
Bələdiyyə aktlarının hüquqi ekspertizası və müraciətlərə baxılması zamanı müəyyən edilmiş hüquq pozuntuları və nöqsanların aradan qaldırılması və ya təkrar törədilməsinin qarşısının alınması məqsədi ilə bələdiyyələrə müxtəlif məsələləri (torpaqların münbitliyinin qorunması, yerli büdcənin tərtibi, şəffaflıq və hesabatlılıq, büdcə vəsaitlərindən istifadə, bələdiyyə aktlarının qəbulu və s.) əhatə edən 5976 tövsiyə göndərilmişdir (ötən illə müqayisədə 37 % çox).
2018-ci ildə Ədliyyə Nazirliyinə bələdiyyələrin fəaliyyəti ilə bağlı daxil olmuş 2247 müraciətdən 1988-nə qanunvericiliyin tələblərinə uyğun olaraq baxılmış, 141-i aidiyyəti üzrə göndərilmiş, 118 müraciət isə baxılmaqdadır. Onlardan 82-si təmin edilmişdir (ötən illə müqayisədə 62 % çox). 
Yerli özünüidarəetmə sahəsində əldə olunmuş tərəqqiyə baxmayaraq, bir sıra bələdiyyələrin işində nöqsanlara və qanun pozuntularına yol verilmişdir. İnzibati nəzarət icraatı qaydasında 31 araşdırma aparılmış, araşdırmaların bir qismində müraciətlərdə göstərilənlər öz təsdiqini tapmamış və ciddi qanun pozuntuları müəyyən edilməmişdir. 26 araşdırmada cinayət əməlinin əlamətləri aşkar edildiyindən toplanmış materiallar hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilmişdir. Həmin materiallardan 18-i üzrə cinayət işi başlanılmış, digərləri isə baxılmaqdadır. Onlardan bəziləri qeyd olunur:
- Quba rayonu Quba bələdiyyəsinin keçmiş sədrinin səlahiyyəti olmadığı halda büdcə vəsaitlərindən qanunsuz istifadə etməsi, bələdiyyə mülkiyyətinə aid torpaq sahələrini dəyərindən ucuz satması nəticəsində bələdiyyə büdcəsinə 549,5 min manat ziyan vurulması faktı üzrə Quba rayon Prokurorluğunda CM-nin 308.1-ci  maddəsi ilə cinayət işi başlanılmışdır;
- İmişli rayonu Yalavac bələdiyyəsi sədrinin 3 ha torpaq sahəsini real qiymətindən ucuz sataraq pul vəsaitlərini bələdiyyə büdcəsinə mədaxil etməməsi, kənd təsərrüfatı təyinatlı 0,71 ha torpaq sahəsini qanunsuz sataraq dövriyyədən çıxarması, büdcə vəsaitlərinin qanunsuz xərclənməsi nəticəsində büdcəyə 154,6 min manat məbləğində ziyan vurulması faktı üzrə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində CM-nin 308.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır;
- Balakən rayonunun Qabaqçöl bələdiyyəsində büdcə vəsaitlərinin qanunsuz xərclənməsi, əsassız əmək haqqı ödəmələrinin həyata keçirilməsi, icarə haqlarının və torpaq satışından əldə edilən vəsaitlərin yerli büdcəyə mədaxil edilməməsi nəticəsində bələdiyyə büdcəsinə 90,3 min manat ziyan vurulması faktı üzrə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində CM-nin 308.1 və 313-cü maddələri ilə cinayət işi başlanılmışdır;
- Biləsuvar rayonu Xırmandalı bələdiyyəsinin sədri tərəfindən bələdiyyə iclasının səlahiyyətlərinə aid edilən məsələlərin təkbaşına həll edilməsi, büdcə vəsaitlərinin qanunsuz istifadəsi və saxta kassa mədaxil orderləri əsasında torpaq sahələrinin satılması nəticəsində bələdiyyə büdcəsinə 74,6 min manat məbləğində ziyan vurulması faktı üzrə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində CM-nin 308.1-ci və 313-cü  maddələri ilə cinayət işi başlanılmışdır;
- Hacıqabul rayonunun Hacıqabul bələdiyyəsində ikili protokollaşdırma aparılaraq fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1,50 ha torpaq sahəsinin dəyərindən ucuz satılmaqla dövriyyədən qanunsuz çıxarılması və təsdiqedici sənədlər olmadan pul vəsaitlərinin xərclənməsi nəticəsində bələdiyyə büdcəsinə 47 min manat məbləğində ziyan vurulması faktı üzrə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində CM-nin 308.1-ci və 313-cü  maddələri ilə cinayət işi başlanılmışdır;
- Bərdə rayonu Samuxlu bələdiyyəsinin sədri tərəfindən büdcədən 31 min manatın qanunsuz silinməsi və 97,3 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində qanunsuz göllər yaradılması faktı üzrə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində CM-nin 308.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır;
- Ağcabədi rayonunun Kürdlər bələdiyyəsinin sədri tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin qanunsuz satılması, 71 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin bələdiyyə qərarı olmadan, hərrac və ya müsabiqə keçirilmədən icarəyə verilməsi və yığılmış icarə haqlarının bələdiyyə büdcəsinə ödənilməməsi, artıq əmək haqlarının verilməsi faktları üzrə Ağcabədi rayon Prokurorluğunda CM-nin 179.2.3 maddəsi ilə cinayət işi başlanılmışdır;
Göstərilənlərlə yanaşı, Qazax, Balakən, Xızı, Bakı şəhəri Sabunçu rayonunun Bilgəh, Quba rayonunun Timiryazev, Kürdəmir rayonunun Sığırlı, Balakən rayonunun Qasbinə və s. bələdiyyələrin vəzifəli şəxsləri barəsində də cinayət işi başlanılmışdır.
Bələdiyyələrin fəaliyyətində aşkar edilmiş hüquq pozuntularının təhlili göstərir ki, həyata keçirilən tədbirlərə baxmayaraq, bir sıra xarakterik nöqsanlar, o cümlədən torpaq və maliyyə qanunvericiliyinin pozulması, bələdiyyə iclasının səlahiyyətlərinə aid məsələlər üzrə təkbaşına qərarlar qəbul edilməsi hallarına hələ də yol verilir. Törədilmiş cinayət əməlləri də daha çox belə pozuntularla bağlı olmuşdur.
Yerli vergi və ödənişlərin uçotu və yığımı yaxşılaşsa da, bu sahədə problemlər qalmaqdadır. Mədən vergisi ödəyicilərinin, mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərin uçotdan yayınmasına da yol verilir. Bələdiyyələrin və ya başqa aidiyyəti dövlət orqanının bu ödənişlərin həyata keçirilməsinə nəzarət funksiyalarının olmaması problemlərin yaranmasına səbəb olur. Yerli özünüidarə orqanlarının maliyyə vəziyyətinin yaxşılaşdırılması bu sahəyə diqqətin artırılmasını tələb edir. Bu baxımdan, qanunla nəzarət mexanizminin yaradılması və ya ödənişin miqdarının müəyyən edilməsi və hesablanması qaydasının təkmilləşdirilməsi məqsədəuyğundur.
Ölkə bələdiyyələrinin çoxu yerli sosial-iqtisadi problemlərin həllində fəal iştirak etsələr də, onların gördüyü işlər barədə ictimaiyyətə geniş məlumat verilmir. Bələdiyyələrin daha aktiv fəaliyyət göstərməsi üçün yaxşı iş təcrübəsinin mətbuatda işıqlandırılması və yayılması önəmli olduğundan, bələdiyyələrin milli assosiasiyalarına bu sahəyə diqqəti artırmaları barədə müraciət olunub. Bələdiyyələr də gördüyü işlər barədə kütləvi informasiya vasitələrində, habelə internet saytlarında vaxtaşırı məlumatlar verməli, əhali ilə təmasları yaxşılaşdırmalıdırlar.
Bələdiyyələrin sahibkarlıq fəaliyyətini həyata keçirməsi dövlət siyasəti ilə təşviq olunmasına, normativ hüquqi bazanın formalaşmasına baxmayaraq, bu sahədə təşəbbüskarlıq yetərli deyil. Bütövlükdə, bələdiyyələr tərəfindən 50-ə yaxın kommersiya qurumu təsis edilmişdir. Təəssüf doğurucu haldır ki, bələdiyyələrin təsis etdikləri kommersiya hüquqi şəxslərinin böyük bir qismi fəaliyyət göstərmir, işləyənlərin  bəziləri isə bələdiyyə büdcəsinə mənfəət vergisi ödəmirlər. Belə halların qarşısının alınması üçün tədbirlər görülür.
Əhalinin məşğulluğunun yaxşılaşdırılması yönündə bələdiyyələrin üzərinə qoyulmuş vəzifələrin icrası bələdiyyə sahibkarlığının inkişaf etdirilməsini tələb edir. Qeyd olunmalıdır ki, Ədliyyə Nazirliyi tərəfindən Maliyyə Nazirliyinə müraciət edilərək 2019-cu ilin dövlət büdcəsində bələdiyyələrə subvensiyanın nəzərdə tutulması ilə bağlı təklif verilmişdir. "2019-cu ilin dövlət büdcəsi haqqında" Qanunda ilk dəfə olaraq bələdiyyələrə 1,0 milyon manat subvensiyanın ayrılması çox önəmlidir.
Xarakterik nöqsanlardan biri də bir sıra bələdiyyələrin fəaliyyətində hesabatlılığın, şəffaflığın  zəif olması və ya bu sahədə işin düzgün qurulmamasıdır. Hüquq pozuntularını doğuran səbəblər müxtəlif olsa da, onun baş verməsinə şərait yaradan başlıca amil şəffaflığa əməl olunmamasıdır.
Bələdiyyələrin fəaliyyətində qanunçuluğun təmin edilməsi geniş profilaktik, maarifləndirici tədbirlərin keçirilməsini zəruri edir. Bələdiyyələrin fəaliyyətinə metodik kömək göstərilməsi də Ədliyyə Nazirliyinin vəzifələrindən biridir və bu məqsədlə maarifçilik tədbirləri davam etdirilmişdir.
Hesabat dövründə Ədliyyə Akademiyasında 20 tədris kursu (695 dinləyici), Dövlət İdarəçilik Akademiyasında isə 1 kurs (25 dinləyici) təşkil edilmişdir. Göstərilənlərlə yanaşı, Ədliyyə Nazirliyi tərəfindən 210 seminar və təlim keçirilmiş və bu tədbirlərdə 8133 nəfər bələdiyyə üzvü və qulluqçusu iştirak etmişlər. Maarifçilik tədbirləri əsasən aşağıdakı mövzular üzrə olmuşdur:
- Bələdiyyə aktlarının qəbulu və icrası;
- Bələdiyyə torpaqlarının idarə edilməsinin əsasları, bələdiyyə torpaqlarının istifadəsinə və mühafizəsinə nəzarətin xüsusiyyətləri;
- Bələdiyyə torpaqlarının idarə olunmasında qanunçuluğun təmin edilməsi;
- Bələdiyyə torpaqlarının qiymətləndirilməsi;
- Bələdiyyələrdə vergi işinin səmərəliliyinin artırılması;
- Yerli vergilərin yığılmasında bələdiyyələrin hüquq və vəzifələri;
- Yerli vergi borcunun ödənilmə qaydası;
- Strateji Yol Xəritəsinin icrasında bələdiyyələrin iştirakı;
- Bələdiyyələrdə və bələdiyyə müəssisələrində arxiv işinin təşkili;
- Bələdiyyə qulluğuna qəbul prosesində şəffaflığın təmin edilməsi;
- Bələdiyyə qulluqçularının etik davranış qaydaları və s.
Maarifçilik tədbirlərinin keçirilməsində dövlət orqanları ilə yanaşı, beynəlxalq qurumlarla da əməkdaşlıq edilmişdir. Belə ki, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) ilə əməkdaşlıq çərçivəsində bələdiyyə üzvləri və qulluqçuları üçün Nazirliyin regional ədliyyə idarələri ilə birgə "Bələdiyyə büdcəsinin tərtibində iqtisadi kodların tətbiqi" mövzusunda 10 regional təlim keçirilmişdir. Bu tədbirlər çərçivəsində ölkə Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi"nin Tədbirlər Planından irəli gələrək Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) ilə birgə hazırlanmış "Yerli turizmin təşkilində bələdiyyələrin iştirakı" kitabının təqdimatı olmuş və bələdiyyələrə paylanılmış, yerli turizmin önəmi və onunla bağlı bələdiyyələrin rolu barədə mühazirələr oxunmuşdur.
Göstərilənlərlə yanaşı, Ədliyyə Nazirliyi kollegiyasının qərarına uyğun olaraq hazırlanmış "Sahibkarlığın inkişafında bələdiyyələrin iştirakı ilə bağlı qanunvericiliyə dair sənədlər toplusu" Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin maliyyə yardımı ilə çap edilərək təqdimatı keçirilmişdir.
Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən Muxtar Respublika bələdiyyələrinin maarifləndirilməsi üçün keçirilmiş 14 seminarda 945 bələdiyyə üzvü və qulluqçusu iştirak etmişdir.
Bundan başqa, Azərbaycan bələdiyyələrinin milli assosiasiyalarının təşkilatçılığı ilə 27 bələdiyyə sədri ayrı-ayrı qruplarla Türkiyə, Latviya, Litva, Bosniya və Herseqovinada yerli özünüidarə orqanlarının təcrübəsi ilə yaxından tanış olmuşlar.
Beləliklə, il ərzində 249 maarifçilik tədbirləri keçirilmiş və bu tədbirlərdə 9825 bələdiyyə üzvü və qulluqçusu iştirak etmişdir (müqayisə üçün, 2017-ci ildə 220 tədbirdə 9649 nəfər iştirak etmişdir).
İl ərzində bələdiyyələr üçün 15 metodik vəsait və tövsiyələr hazırlanaraq istifadə üçün bələdiyyələrə göndərilmişdir. Onlardan bəziləri qeyd olunur:
- "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi"ndə nəzərdə tutulan aidiyyəti tədbirlərin icrası";
- "Torpaqların münbitliyinin və əkin yerlərinin mühafizəsi";
- "Yerli özünüidarə sahəsində yeni normativ hüquqi aktlar"; 
-"Bələdiyyələrin normativ xarakterli aktlarının hazırlanmasına dair metodik göstərişlər";
- "Yerli büdcənin tərtibi";
- "Fərdi yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinin təyinatının pozulması hallarının qarşısının alınması";
-"Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları haqqında";
- "Şəhərsalma, tikinti və abadlaşdırma işlərində bələdiyyələrin hüquq və vəzifələri" və s.
Habelə, "Yerli özünüidarə orqanlarının normativ aktlarının bülleteni"nin 4 nömrəsi nəşr edilmişdir.
Ötən il bələdiyyələrin milli assosiasiyalarının da fəaliyyəti səmərəli olmuşdur. Assosiasiyaların bələdiyyələrin fəaliyyəti ilə bağlı məlumatların toplanması və sistemləşdirilməsi sahəsində gördüyü işlər diqqətəlayiqdir. Belə ki, bu məlumatlar əsasında yerli özünüidarə ilə bağlı səmərəli təhlillər aparılması mümkündür.
Assosiasiyaların nümayəndələri Milli Məclisin sessiyalarında və komitələrinin iclaslarında, yerli özünüidarə məsələləri üzrə qanun layihələrinin müzakirələrində iştirak etmiş, öz təklif və mülahizələrini bildirmişlər.
Azərbaycan Respublikası Milli Məclisinin Regional məsələlər Komitəsinin və Azərbaycan şəhər, qəsəbə və kənd bələdiyyələrinin milli assosiasiyalarının təşkilatçılığı ilə 11 oktyabr 2018-ci il tarixdə Sumqayıt şəhərində "Yerli demokratiyanın inkişafı naminə vətəndaşların iştirakı, maarifləndirilməsi və öhdəlikləri" mövzusunda keçirilən konfransda bələdiyyə sədrləri ilə yanaşı, Milli Məclisin deputatları, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri üzrə şöbəsinin Bələdiyyələrlə iş sektorunun, Ədliyyə Nazirliyinin və bir sıra aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak etmişlər. Konfransda Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin tövsiyəsinə əsasən hər il keçirilən "Yerli demokratiya həftəsi" ilə bağlı əvvəlki illərdə qazanılmış təcrübə, uğurlar və növbəti "Həftə"nin məqsəd və hədəfləri geniş müzakirə edilərək yerli demokratiya həftəsinin bələdiyyə idarəçiliyində önəmi vurğulanmışdır. Müzakirələrin nəticəsi olaraq milli assosiasiyaların təşəbbüsü ilə oktyabrın 15-dən 21-dək "Azərbaycanda yerli demokratiya həftəsi" təşkil edilmişdir.
Assosiasiyalar yerli özünüidarə məsələləri üzrə beynəlxalq əlaqələri davam etdirərək Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin sessiyalarında və başqa beynəlxalq tədbirlərdə ölkəmizi təmsil etmişlər.
17 yanvar 2018-ci ildə Kocaeli şəhərində Türk Dünyası Bələdiyyələr Birliyi ilə Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyası arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalanmış, milli assosiasiyaların dəvəti ilə Latviya Bələdiyyələr İttifaqının nümayəndələri 15-20 oktyabr 2018-ci il tarixlərində ölkəmizdə səfərdə olmuşdur.
6-8 noyabr 2018-ci il tarixdə Strasburqda keçirilmiş Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin 35-ci sessiyası çərçivəsində "Yerli səviyyədə seçki hüquqları Avropanın bələdiyyələri və regionlarında miqrantların və məcburi köçkünlərin uğurlu uzunmüddətli inteqrasiyasının elementi kimi" məruzəsi əsasında 419 (2018) nömrəli tövsiyə və 431 (2018) nömrəli qətnamə qəbul edilmişdir. Qeyd edilən tövsiyə layihəsinə Azərbaycan nümayəndə heyəti tərəfindən təklif edilən məcburi köçkünlərin doğma yurdlarına qayıtma hüququnun əhəmiyyətini təsbit edən düzəliş səsvermə nəticəsində qəbul edilmişdir.
Yerli özünüidarə sahəsində beynəlxalq əlaqələrin genişləndirilməsinə xüsusi önəm verilərək 2018-ci ildə də Avropa Şurasının, Avropa İttifaqının aidiyyəti qurumları və başqa beynəlxalq təşkilatlarla Ədliyyə Nazirliyinin əməkdaşlığı davam etdirilmiş, Nazirliyin nümayəndələri bu qurumların bir sıra tədbirlərinə qatılmışlar. Onların bəziləri qeyd olunur:
- 19 yanvar 2018-ci il tarixdə Dünya Bankının Üçüncü Kənd İnvestisiyaları Layihəsi çərçivəsində əməkdaşlığın gələcək perspektivlərinin müzakirəsi ilə əlaqədar Bələdiyyələrlə iş mərkəzində keçirilmiş görüşdə Dünya Bankının Avropa və Mərkəzi Asiya regional idarəsinin nümayəndələri iştirak etmişlər. Görüşdə ölkə Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi"nin Tədbirlər Planının 9.3.1 yarımbəndində nəzərdə tutulan tapşırıqla ("Bələdiyyələrin kəndin sosial-iqtisadi inkişafı ilə bağlı öhdəliklərinin artırılması") bağlı məlumat verilmiş, yaradılacaq pilot bələdiyyələrlə əməkdaşlıq məsələləri müzakirə edilmişdir;
- 29 iyun 2018-ci il tarixdə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) Yaxın Şərqdə qərar vermə prosesində qadınların rolunun gücləndirilməsi ilə bağlı həyata keçirdiyi layihə çərçivəsində yerli özünüidarəetmə fəaliyyəti və bu sahədə qadınların iştirakına dair Azərbaycanın təcrübəsi ilə tanış olmaq məqsədi ilə ölkəmizdə səfərdə olan Fələstin Dövlətinin Yerli Hökumət Nazirliyinin nümayəndə heyəti ilə Ədliyyə Nazirliyində görüş keçirilmişdir;
- 2 iyul 2018-ci il tarixdə Avropa İttifaqının İqtisadi İnkişaf Naminə Merlər layihəsinin nümayəndə heyəti ilə Bələdiyyələrlə iş mərkəzində keçirilmiş görüşdə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən bu layihə üzrə Ədliyyə Nazirliyi ilə əməkdaşlığın perspektivləri müzakirə edilmişdir. Bələdiyyələrin milli assosiasiyalarının nümayəndələri də sözügedən tədbirdə iştirak etmiş, layihənin tərtibi ilə bağlı ətraflı məlumat almışlar.
Yerli özünüidarəetmə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi məqsədi ilə aşağıdakı təklifə baxılması xahiş olunur:
- ölkəmizdə yerli özünüidarənin təşkilindən sonrakı müddət ərzində bələdiyyələrin fəaliyyətini tənzimləyən qanunvericilik aktlarında yerli büdcənin gəlirlərinin artırılması, əhalinin məşğulluğunun yaxşılaşdırılması ilə bağlı bələdiyyələrə bir çox vəzifə və səlahiyyətlərin, ayrı-ayrı dövlət proqramlarında dövlət orqanlarına tapşırıqların, bələdiyyələrə tövsiyələrin verilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 64.6-cı maddəsi ilə ziddiyyət yaradır. Belə ki, həmin maddəyə görə, yerli özünüidarə orqanları təsərrüfat ortaqlıqlarının və cəmiyyətlərinin iştirakçıları kimi çıxış edə bilməzlər. Onun üçün Mülki Məcəllənin göstərilən maddəsinin məqsədəuyğunluğuna baxılması təklif edilir.
Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi, bələdiyyə üzvləri və qulluqçularının maarifləndirilməsi üzrə işlər davam etdirilir.

Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi