25.04.2018 Tarixinə olan hesabat

AZƏRBAYCAN  RESPUBLİKASININ
İNSAN  HÜQUQLARI  ÜZRƏ  MÜVƏKKİLİ
(OMBUDSMAN)

Azərbaycanda insan hüquqlarının və azadlıqlarının
təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında

Azərbaycan Respublikasının İnsan Hüquqları
üzrə Müvəkkilinin (Ombudsmanın)
2017-ci il üzrə illik məruzəsi

Ö n    s ö z

Məruzənin əsas məqsədi Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2017-ci ildə ölkəmizdə insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmini vəziyyətinin öyrənilməsi və təhlili, pozulmuş hüquqların bərpası və pozulmasının qarşısının alınması üzrə fəaliyyəti haqqında məlumatların verilməsindən ibarətdir.

Məruzə ərizələrin, şikayətlərin və təkliflərin, həmçinin Müvəkkil və onun tapşırığına əsasən, aparatın və regional mərkəzlərin əməkdaşları, Milli Preventiv Qrupunun üzvləri tərəfindən cəzaçəkmə müəssisələrinə, istintaq təcridxanalarına, müvəqqəti saxlama yerlərinə, qanunsuz miqrantların saxlanılma mərkəzlərinə, hərbi hissələrə, sosial müdafiə müəssisələrinə, uşaq, ahıl və əlillər evlərinə, internatlara, habelə səhiyyə və təhsil müəssisələrinə baxışların, yerlərdə, o cümlədən məcburi köçkünlərin məskunlaşdıqları qəsəbələrdə görüşlər və aparılmış araşdırmalar zamanı aşkar edilmiş müxtəlif halların, problem və çətinliklərin, eyni zamanda dövlət orqanlarının və vəzifəli şəxslərin rəsmi cavablarının, dövlət qurumlarına təqdim edilmiş təklif və tövsiyələrin, insan hüquqları üzrə milli və beynəlxalq seminar və konfransların materiallarının, qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində görülmüş işlərin, kütləvi informasiya vasitələrində verilmiş məlumatların ümumiləşdirilmiş təhlili əsasında hazırlanmışdır.

İllik məruzədə Müvəkkilin mülki və siyasi, iqtisadi, sosial və mədəni hüquqların, habelə müxtəlif əhali qruplarının hüquq və azadlıqlarının müdafiəsi sahəsindəki fəaliyyəti, həmçinin insan hüquqları üzrə maarifləndirmə istiqamətində həyata keçirilmiş tədbirləri, elmi-analitik sahədə fəaliyyəti, ictimaiyyətlə və kütləvi informasiya vasitələri ilə əlaqələri, beynəlxalq əməkdaşlıq məsələləri, eyni zamanda insan hüquqlarının səmərəli təmin edilməsinə, əhalinin müxtəlif qruplarının problemlərinin həllinə yönəlmiş təklif və tövsiyələri öz əksini tapmışdır.

«Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında» Azərbaycan Respublikası Konstitusiya Qanununun 14-cü maddəsinə əsasən, illik məruzə Azərbaycan Respublikasının Prezidentinə təqdim edilmək, Azərbaycan Respublikasının Milli Məclisi qarşısında məruzə ilə çıxış etmək, həmçinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə, Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş prokuroruna göndərilmək üçün hazırlanmışdır.

İllik məruzə, eyni zamanda geniş ictimaiyyətə təqdim edilməsi məqsədilə kütləvi informasiya vasitələrində də dərc olunur.

Müvəkkilin bu məruzəsi ölkəmizdə insan hüquqlarının və azadlıqlarının təmin edilməsi vəziyyəti barədə Sizdə müəyyən təsəvvür yaradacaqdır.

Dəyərli fikirləriniz və tövsiyələriniz gələcəkdə Müvəkkilin ölkəmizdə insan hüquqlarının və azadlıqlarının təmin edilməsi üzrə işinin təkmilləşdirilməsinə yardımçı olardı.

Elmira Süleymanova

Azərbaycan Respublikasının
İnsan Hüquqları üzrə Müvəkkili
(Ombudsman)

G i r i ş

Azərbaycan Respublikasında insan hüquqlarının inkişafına xidmət edən iqtisadi inkişaf proqramlarının və sosial layihələr üzrə tədbirlərin 2017-ci ildə də davam etdirilməsi ölkə əhalisinin sosial rifahına xidmət etməklə yanaşı, dövlət idarəçiliyi sistemində bürokratik əngəllərin aradan qaldırılmasında və müasir dövlət-vətəndaş münasibətlərinin yeni inkişaf mərhələsinə keçməsində əhəmiyyətli rol oynamışdır.
İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsini ali məqsəd kimi qəbul etmiş ölkəmizdə sosial dövlət prinsiplərinin bərqərar olması yolunda atılan mühüm addımlar, bu məqsədlə sosial yönümlü bazar iqtisadiyyatının və azad sahibkarlığın inkişaf etdirilməsi, yeni iqtisadi mexanizmlərin tətbiqi, təsərrüfat formalarının, o cümlədən sənaye və ixrac potensialının gücləndirilməsində böyük əhəmiyyət daşıyacaq texnoparkların və modern sənaye sahələrinin yaradılması, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsində və ölkənin tərəqqisində böyük rola malik olan sahibkarların, xüsusilə orta və kiçik biznes iştirakçılarının maraqlarının müdafiəsinə yönəlmiş tədbirlərin həyata keçirilməsi sosial-iqtisadi proseslərin davamlılığını təmin etmişdir.
Müasir çağırışlara və yeni tələblərə uyğun olaraq, dövlət qurumlarının fəaliyyətində və idarəetmədə dinamikliyin, çevikliyin və optimallığın təmin edilməsi məqsədi ilə həyata keçirilən struktur islahatları nəticəsində güclü, sabit və dayanıqlı idarəetmənin təmin olunmasına, dövlət qurumlarına etimadın yüksəlməsinə və dövlət-vətəndaş münasibətlərinin möhkəmlənməsinə, korrupsiyaya şərait yaradan halların aradan qaldırılmasına xidmət edən tədbirlər davam etdirilmişdir.
Neft dövləti sayılan və 2017-ci ildə artıq iki milyard ton neft istehsal etmiş ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi yeni iş yerlərinin açılmasında və əhalinin məşğulluğunun təmin olunmasında böyük əhəmiyyət kəsb etməkdədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyri-neft ixracatçılarının respublika müşavirəsindəki giriş nitqində dediyi kimi, “...dövlət siyasəti, sahibkarlığa göstərilən həm siyasi dəstək, mənəvi dəstək, maliyyə dəstəyi və sahibkarlığın inkişafı üçün aparılan ciddi islahatlar və onlara edilən güzəştlər bu gün Azərbaycanda qeyri-neft sektorunun inkişafına təkan verən əsas amillərdən biridir.”
Sosial infrastruktur layihələrinin icrası nəticəsində yeni və müasir sosial müdafiə obyektləri, yeni tələbə yataqxanaları, məktəb və uşaq bağçaları inşa olunmuş və ya əsaslı təmir edilmiş, tibb müəssisələri, o cümlədən xəstəxana və poliklinikalar, habelə məcburi köçkünlər üçün yeni yaşayış kompleksləri istifadəyə verilmiş, yeni avtomobil yolları salınmış, su təchizatı və kanalizasiya sistemləri qurulmuş, elektrik stansiyaları istifadəyə verilmiş, istirahət və olimpiya-idman kompleksləri yaradılmışdır.
Məşğulluğun təmin edilməsi və işsizliyin azaldılması üzrə aparılmış tədbirlər nəticəsində 2017-ci ildə 221 min yeni, o cümlədən 177 min daimi iş yeri açılmış, ilin yekunlarına görə ölkə üzrə işsizlik 5 faiz, yoxsulluq isə 5,4 faiz səviyyəsində olmuşdur.
Dünya ölkələrinin dərin iqtisadi böhran keçirdiyi bir vaxtda 2017-ci ildə ölkəmizdə “Azəri-Çıraq-Günəşli” neft yatağının işlədilməsinin 2050-ci ilə qədər uzadılması üzrə yeni Sazişin imzalanması, həmçinin tarixi hadisəyə çevrilən Bakı-Tbilisi-Qars dəmiryolunun açılması, müxtəlif ölkələrin iş adamlarının iştirakı ilə sahibkarlar arasında iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə səmərəli əməkdaşlığın qurulmasına xidmət edən biznes forumlarının keçirilməsi ölkələr arasında sosial-iqtisadi və mədəni əlaqələrin dərinləşməsinə xidmət edən mühüm amil olmuşdur.
Dünya miqyasında adambaşına düşən valyuta ehtiyatlarının həcminə görə ön yerlərdən birini tutan respublikamızda həyata keçirilən islahatlar da öz əhəmiyyətinə görə beynəlxalq səviyyədə müsbət dəyərləndirilməkdədir. Belə ki, Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda gedən proseslərə yüksək qiymət vermişlər. Dünya Bankının məlumatına görə, Azərbaycan həyata keçirilən islahatların sayına görə Avropa və Mərkəzi Asiya regionu ölkələri arasında “Doing Business” hesabatında ikinci yeri tutmuş, Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına əsasən Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə 2017-ci ildə iki pillə irəliləyərək, dünya miqyasında 35-ci yerdə qərarlaşmış, MDB məkanında isə liderlik mövqeyini saxlamışdır.
Ölkə Prezidentinin Davos Dünya İqtisadi Forumunda on dəfədən artıq iştirak edən rəhbər şəxslər üçün təşkil olunan qəbulda və bu forumda “İpək Yolunun səmərəsi” adlı interaktiv iclasında iştirakı, habelə forumun rəsmi saytında “Azərbaycanın 2017-ci il üçün iqtisadi prioritetləri” sərlövhəli məqaləsinin verilməsi, eyni zamanda 22-ci Dünya Neft Konqresində prezidentlərin tədbirində iştirakı ölkəmizin beynəlxalq aləmdə nüfuzunun getdikcə artmasını sübut edən mühüm amillərdən olmaqla yanaşı, dünya miqyasında ölkəmizə verilən önəmin daha bir nümunəsidir.
Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə on ilə yaxındır ki, müvəffəqiyyətlə reallaşdırılan “Bakı Prosesi”nin dünya birliyi tərəfindən Azərbaycanın mədəniyyətlərarası dialoqa verdiyi töhfələrin beynəlxalq miqyasda etirafı olaraq qiymətləndirildiyi, dünyada sivilizasiyalararası dialoqun məkanı kimi tanınan, multikulturalizmin artıq alternativi olmayan həyat tərzinə çevrildiyi çoxmillətli və çoxkonfessiyalı ölkəmizdə 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi mədəniyyətlər arasında dialoqun və əməkdaşlığın təşviqinə yönələn dövlət siyasətinin, habelə mədəni müxtəlifliyə dəstəyin bariz göstəricisi, həmçinin müasir dövrdə respublikamızda gerçəkləşdirilən siyasətin tolerantlıq prinsiplərinə sadiqliyinin nümunəsidir.
Qeyd edilənlərlə yanaşı, respublikamızın paytaxtı Bakı şəhərində ölkə Prezidentinin iştirakı ilə bir çox ölkələrin dövlət və hökumət nümayəndələrinin, nüfuzlu siyasi, ictimai və elm xadimlərinin də qatıldığı V Qlobal Bakı Forumunun, habelə IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun və “2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransın keçirilməsi, Formula 1 Avropa Qran-Pri yarışının və “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi respublikamızın nüfuz sahibi olduğunu sübut edir.
Azərbaycan Respublikası əhalisindən, habelə ölkəmizdə olan əcnəbilərdən və vətəndaşlığı olmayan şəxslərdən müxtəlif məsələlərə və hüquq pozuntularına dair çoxsaylı müraciətlər alan, ölkəmizin konstitusiyasında və tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş, dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi, habelə insan hüquqlarının pozulmasının qarşısının alınması istiqamətində fəaliyyət göstərən Müvəkkil insan hüquqlarının məhkəmədənkənar müdafiəsi məqsədi ilə 2017-ci ildə də dövlət qurumları, vətəndaş cəmiyyəti institutları, kütləvi informasiya vasitələri, icmalar, həmçinin beynəlxalq təşkilatlarla işgüzar əməkdaşlıq şəraitində fəaliyyət göstərmişdir.
Mövcud hüquq-müdafiə vasitələrini tamamlayan, səlahiyyət dairəsi və vəzifələri Konstitusiya Qanunu ilə müəyyən edilən, fəaliyyətini müstəqillik, aşkarlıq, şəffaflıq, qanunçuluq, ədalət və qərəzsizlik prinsipləri əsasında quran Müvəkkil ünvanına daxil olmuş müraciətlər üzrə əhatəli iş aparmış, pozulmuş hüquqların bərpası istiqamətində tədbirlər görmüşdür.
Respublikanın müxtəlif yerlərində əhali ilə müntəzəm görüşlər, habelə cəzaçəkmə müəssisələrinə, istintaq təcridxanalarına, müvəqqəti saxlama yerlərinə, qanunsuz miqrantların saxlanılma mərkəzlərinə, hərbi hissələrə, uşaq, ahıl və əlillər evlərinə, internatlara, məcburi köçkünlərin məskunlaşdıqları qəsəbələrə, səhiyyə, təhsil və əhalinin sosial müdafiəsi müəssisələrinə baxışlar keçirilmişdir.
Müvəkkilin fəaliyyəti dövründə onun ünvanına ümumilikdə 167.150, 2017-ci ildə isə 18.400 müraciət daxil olmuşdur ki, bu da 2016-cı il ilə müqayisədə 1,8% azdır.
Müraciətlərin 76,3 %-i şikayətlərdən, 23,7 %-i isə ərizələrdən ibarət olmuşdur.
Müvəkkil və əməkdaşları tərəfindən aparatda və regional mərkəzlərdə, habelə respublikanın müxtəlif şəhər və rayonlarında, məcburi köçkünlərin məskunlaşdıqları qəsəbələrdə əhali ilə görüşlər, həmçinin yerlərdə, o cümlədən cəzaçəkmə müəssisələrinə, istintaq təcridxanalarına, müvəqqəti saxlama yerlərinə, hərbi hissələrə, uşaq, ahıl və əlillər evlərinə, internatlara, məcburi köçkünlərin məskunlaşdıqları qəsəbələrə, səhiyyə, təhsil və əhalinin sosial müdafiəsi müəssisələrinə baxışlar zamanı ümumilikdə 3.148 şəxs qəbul edilmiş, təsisatın “qaynar xət”lərinə isə 1.375 müraciət olmuşdur. Həmin şəxslərə müvafiq hüquqi məsləhətlər və izahatlar verilmişdir.
Müraciətlərin hüquqlar üzrə sıralanmasında, əsasən, mülkiyyət hüququ, hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququ, sosial təminat hüququ və əmək hüququ ilə bağlı məsələlər diqqəti cəlb edir.
2016-cı il ilə müqayisədə 2017-ci ildə daxil olan müraciətlərin, o cümlədən şikayətlərin strukturunda və sayında bir sıra dəyişikliklər baş vermişdir.
2017-ci ildə daxil olan müraciətlərə münasibətdə mülkiyyət hüququ ümumi müraciətlərin 13,2 %-ni, hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququ 6,2 %-ni, sosial təminat hüququ 5,8 %-ni, əmək hüququ isə 4,9 %-ni təşkil etmişdir.
Mülkiyyət hüququ ilə bağlı daxil olan müraciətlərdə mülkiyyətdə olan əmlakın məhkəmə qərarı olmadan sökülməsi, xüsusi mülkiyyətdə olan evin və ya torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması zamanı əvəzinə uyğun kompensasiyanın verilməməsi, xüsusi mülkiyyətdə və ya daimi istifadədə olan torpaq sahələrinin vətəndaşların razılığı olmadan tikinti məqsədləri üçün ayrılması, torpaq payına dair ilkin dövlət aktında zəruri məlumatların düzgün göstərilməməsi, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin fəaliyyət göstərdiyi vaxtda verilmiş torpaq payları və fərdi torpaq sahələri barədə yerli qurumlar tərəfindən qeydiyyata alınmış bir sıra məlumatların hazırda qüvvədə olan vahid bazaya işlənməməsi, vətəndaşa məxsus evin sənədləşdirilməsi ilə bağlı süründürməçiliyə yol verilməsi kimi hallar öz əksini tapmışdır.
Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququ ilə bağlı müraciətlər, bir qayda olaraq, məhkəmə qərarlarından narazılıq hallarından, bəzən isə məhkəmələrdə süründürməçilik və məhkəmə qərarlarının surətinin vaxtında verilməməsindən ibarət olmuşdur.
Əmək hüququ ilə bağlı müraciətlərdə bir sıra özəl strukturlar tərəfindən əmək haqqının və son haqq-hesabın ödənilməməsi, qanun pozuntusuna yol verməklə işdən azad etmə, işə bərpadan imtina, əmək müqaviləsinin bağlanılmaması və ya ona xitam verilməsi zamanı qanunvericiliyin tələblərinə əməl edilməməsi, işlə təmin edilmədə köməklik göstərilməməsi kimi hallar göstərilmişdir.
Müvəkkil Konstitusiya Qanununun tələblərinə müvafiq olaraq, şikayətlərin onun səlahiyyətlərinə aid olmaması, ərizəçinin hüquqlarının pozulduğu gündən bir ildən çox müddət keçməsi, anonim olması, şikayətlə bağlı məhkəmə icraatı getməsi, təkrar təqdim edilmiş şikayətdə yeni məlumatlar, faktlar və sübutlar olmaması səbəbindən onların 55,6 %-nin baxılmasından imtina etmişdir.
Şikayətlərin 44,4 %-i baxılmaq üçün icraata qəbul edilmişdir.
İcraata qəbul edilmiş müraciətlərin 62,5 %-i təmin olunmuşdur.
Müraciətlərə Konstitusiya Qanunu ilə müəyyən edilmiş müddətlərdə baxılmış, ərizəçilərdən daxil olmuş bütün müraciətlər yazılı surətdə cavablandırılmışdır.
Müraciət edən şəxslərə həm qəbulda, həm də məktub vasitəsilə hüquqi məsləhətlər, habelə insan hüquq və azadlıqlarının müdafiəsi formaları, üsulları, o cümlədən bu və ya digər məsələlərlə əlaqədar müvafiq orqanlara müraciət edilməsi üzrə izahatlar verilmişdir.
Müvəkkilin təşəbbüsü, təklifi və təşkilatçılığı ilə ötən dövrdə insan hüquqlarının müdafiəsi və təşviqi üzrə bir sıra önəmli tədbirlər həyata keçirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın (MFPr) icrası, təbliği və tətbiqi vəziyyətinin öyrənilməsi ilə bağlı geniş tədbirlər keçirilmişdir. 
Ümummilli liderimiz Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də ölkəmizdə ilk “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq edilməsi ilə əlaqədar olaraq, 2007-ci ildən eitibarən qeyd olunan “18 iyun - Azərbaycan Respublikasında İnsan hüquqları günü” ərəfəsində ənənəvi olaraq mayın 18-dən iyunun 18-dək bütün ölkə boyu “İnsan hüquqları aylığı” keçirilmişdir.
Müvəkkilin təşəbbüsü ilə UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə birlikdə 2017-ci il 16-17 iyun tarixlərində “Dayanıqlı İnkişaf Məqsədlərinin təməl prinsipləri: hüquq bərabərliyi, milli prioritetlər və əməkdaşlıq” mövzusunda ənənəvi olaraq Ombudsmanların XIV Bakı Beynəlxalq Konfransı keçirilmişdir. Konfrans Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə ölkə rəhbərliyinə qayıdışı günü olan 15 iyun gününün Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan xalqının milli qurtuluş günü elan edilməsinin 20 illiyinə və ölkə Prezidentinin müvafiq sərəncamı ilə ölkəmizdə hər il iyunun 18-nin Azərbaycan Respublikasında İnsan hüquqları günü kimi qeyd olunmasının 10 illiyinə həsr olunmuşdur.
Hər il olduğu kimi, ənənəvi olaraq, 21 avqust - 21 sentyabr tarixlərində sülh mədəniyyətinin təbliğinə mühüm yer verməklə “Sülh aylığı”, 20 oktyabr - 20 noyabr tarixlərində “Uşaq hüquqları aylığı”, habelə “10 dekabr – Beynəlxalq insan hüquqları günü”nə həsr olunmuş konfrans keçirilmişdir.
Təsisatda müxtəlif vaxtlarda xarici ölkələrin və beynəlxalq qurumların rəsmi nümayəndələri, o cümlədən BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqazdakı ofisinin İnsan hüquqları üzrə baş müşaviri, Sahə missiyaları və Texniki əməkdaşlıq Departamentinin rəhbəri, Amerika, Avropa və Mərkəzi Asiya üzrə regional şöbəsinin rəhbəri, BMT-nin gender üzrə eksperti, Avropa İttifaqının Azərbaycanda həyata keçirdiyi proqramların monitorinqini aparan nümayəndəsi və Azərbaycandakı Nümayəndəliyin rəhbəri, Avropa Şurasının (AŞ) Siyasi Məsələlər Direktorluğunun nümayəndə heyəti, AŞ-nin Parlament Assambleyasının Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi və həmin şuranın nümayəndələri, AŞ-nin Azərbaycandakı Ofisinin rəhbəri, ATƏT Parlament Assambleyasının sədri, Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, eyni zamanda Belçikanın, Pakistan İslam Respublikasının, Amerika Birləşmiş Ştatlarının və Qətər dövlətinin səfirləri, UNICEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri, Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin rəhbəri, İşgəncələrin Qarşısının Alınması üzrə Avropa Komitəsinin (CPT) prezidenti, Gender məsələləri üzrə beynəlxalq ekspert qəbul edilmiş, ölkəmizdə insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi məsələləri üzrə qarşılıqlı fikir mübadilələri aparılmış, bu sahədə beynəlxalq və mövcud milli təcrübə, habelə əməkdaşlıq perspektivləri müzakirə edilmişdir.
Müvəkkil tərəfindən 20 Yanvar faciəsinin ildönümü, Xocalı soyqırımı və Şuşanın işğalının 25-ci ildönümü, 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanatlar verilmiş, beynəlxalq qurumlara, xarici ölkələrin Azərbaycandakı səfirliklərinə və respublikamızın xaricdəki səfirliklərinə, həmçinin ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarına ünvanlanmışdır.
Qeyd edilənlərlə yanaşı, Azərbaycan Respublikasının ərazisində mülki əhalinin qətlə yetirilməsi və mülki obyektlərin Ermənistan silahlı qüvvələri tərəfindən davamlı olaraq atəşə tutulması ilə bağlı halları, habelə əsir və girovların problemlərini hər zaman diqqət mərkəzində saxlayan Müvəkkil dünya ictimaiyyətinə ünvanlanmış bəyanatlar vermiş, eyni zamanda beynəlxalq təşkilatlara, o cümlədən Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciətlər etmiş, baş verənlərin beynəlxalq hüquqa zidd olduğunu, ölkəmizdə böyük narahatlıq doğurduğunu və ciddi narazılıqla qarşılandığını diqqətə çatdırmışdır.
“Aprel qələbəsi”nin ildönümünə həsr olunmuş və Füzuli rayonunun Horadiz şəhərində keçirilmiş “Zəfər yürüşü”ndə iştirak edən Müvəkkil, həmçinin Dövlət Bayrağı Günündə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində olmuş, yerli sakinlərlə görüşmüş, orada aparılan işlərlə Böyük Qayıdış Proqramının başlanğıcının qoyulduğunu və bunun dövlət bayrağının işğal altında olan torpaqlarda dalğalanacağına inamın göstəricisi olduğunu diqqətə çatdırmışdır.
Yeri gəlmişkən, Avropanın aparıcı “New Europe” (Yeni Avropa) qəzetində Müvəkkilin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində yaşayan mülki əhalinin Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilməsi və mülki obyektlərin atəşə tutulması ilə əlaqədar verdiyi bəyanatın mətni əsasında hazırlanmış məqalə çap edilmişdir. Həmin məqalədə 2017-ci ilin iyul ayının 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Alxanlı kəndində məskunlaşan çoxsaylı mülki əhalinin yaşadığı yaşayış məntəqələrinin və mülki obyektlərin hədəflənmiş şəkildə və qəsdən atəşə tutulduğu, nəticədə kənd sakini Sahibə Allahverdiyevanın və onun iki yaşlı nəvəsi Zəhra Quliyevanın həlak olduğu, digər mülki şəxs Səlminaz Quliyevanın isə ağır yaralandığı və mülki obyektlərin dağıdıldığı öz əksini tapmışdır.
Bununla bağlı Müvəkkilin tezliklə ədalətin və sülhün bərqərar olunacağına, insanlığa qarşı törədilən bu qatı cinayətlərin beynəlxalq hüquqi qiymətini alacağına, cinayətkarların cəzasız qalmayacağına, BMT Nizamnaməsinə müvafiq olaraq cəzalandırılacağına ümidi, həmçinin Ermənistanın təcavüzünə son qoyulması, ümumbəşər beynəlxalq normalara uyğun olaraq Azərbaycanın zəbt olunmuş torpaqlarının azad olunması, erməni hərbi qüvvələrin bu ərazilərdən çıxarılması, Azərbaycanın BMT və dünya tərəfindən tanınmış dövlət sərhədlərinin bərpa olunması, yüz minlərlə məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması, insan hüquqlarından faydalanması üçün beynəlxalq təşkilatları, dünya dövlətlərini, habelə həmkarlarını birgə qətiyyətli səylər göstərməyə və tədbirlər görməyə çağırışı diqqətə çatdırılmışdır.
Yeri gəlmişkən, bu bəyanata cavab olaraq, UNİCEF-in direktor köməkçisi Kornelius Uilyams tərəfindən Müvəkkilin ünvanına daxil olmuş məktubda vurğulamışdır ki, heç bir icmada, heç bir ailə silahlı münaqişə nəticəsində uşaq itkisindən əziyyət çəkməməlidir.
Müvəkkil və təsisatın əməkdaşları müxtəlif beynəlxalq tədbirlərdə bir sıra aktual problemlərə dair məruzələrlə çıxışlar etmiş, insan hüquqlarının ayrı-ayrı sahələrinə dair geniş fikir və təcrübə mübadilələri aparmışlar.
Müvəkkil iştirakçısı olduğu hər bir yerli, habelə beynəlxalq tədbirdə, həmçinin xarici ölkələrin və beynəlxalq qurumların rəsmi şəxsləri ilə keçirilmiş görüşlərində respublikamızda insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi imkanları və bu sahədə fəaliyyəti, bu hüquq və azadlıqların təmin edilməsi vəziyyəti və şəraiti, təsisatla dövlət hakimiyyəti orqanları, o cümlədən parlament arasında qarşılıqlı əməkdaşlıq əlaqələri və qanunvericiliyin təkmilləşdirilməsi sahəsində işgüzar münasibətləri barədə ətraflı məlumat vermiş, insanların sülh şəraitində yaşamaq hüququ və inkişaf etmək hüququ kimi kollektiv hüquqlarının təmin olunmasının vacibliyini önə çəkmiş, davam etməkdə olan hərbi münaqişələrin sülh yolu ilə həlli, nəticə etibarilə bu dəhşətlərin qurbanına çevrilmiş milyonlarla insanın hüquqlarının müdafiəsinin etibarlı təşkili üzrə tədbirlərin qarşıdakı illər üçün nəzərə alınmasını zəruri hesab etmiş, bunun dünyada əmin-amanlığın bərqərar olunması yolunda mühüm əhəmiyyət kəsb etdiyini bildirmişdir.
İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi, vətəndaşların müraciətlərinə təxirəsalınmadan baxılması, şikayətlərin çevik qaydada araşdırılması məqsədi ilə dövlət orqanları, bələdiyyələr, vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq daha da genişləndirilməli, davamlı olaraq təkmilləşdirilməli və inkişaf etdirilməlidir.
Nəticə etibarilə, Müvəkkil tərəfindən səlahiyyətli dövlət qurumlarına ünvanlanmış, habelə illik məruzələrdə öz əksini tapmış, insan hüquqlarının səmərəli təmin edilməsinə və etibarlı müdafiəsinə, habelə əhalinin müvafiq qruplarının, xüsusilə aztəminatlı ailələrin və qayğıya daha çox ehtiyacı olan vətəndaşların bir sıra sosial-iqtisadi problemlərinin həllinə yönəlmiş təklif və tövsiyələr dövlət büdcəsinin vəziyyəti, habelə ölkənin iqtisadi durumu və maliyyə imkanları nəzərə alınaraq öz həllini tapacaq, bununla da insan hüquqlarının etibarlı müdafiəsinə, əhalinin layiqli həyat səviyyəsinin təmin olunmasına, sosial-hüquqi vəziyyətinin daha da yüksəlməsinə, həmçinin vətəndaş-dövlət münasibətlərinin möhkəmlənməsinə və sabitliyin artmasına xidmət edəcəkdir.

I fəsil.

İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının
müdafiəsi sahəsində fəaliyyət

1.1. Mülki və siyasi hüquqların müdafiəsi

Azadlıq hüququ. Vətəndaşların azadlıq və sərbəst hərəkət etmək hüququnun səmərəli təmini məqsədilə dövlət orqanlarında vətəndaş müraciətlərinə baxılması və problemlərin vaxtında həlli üzrə tədbirlər ilbəil təkmilləşdirilməkdədir. Belə ki, vətəndaşların şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportu ilə maneəsiz təmin edilməsi demək olar ki, öz həllini tapmış, yaşayış yeri üzrə qeydiyyatın aparılması, habelə müvafiq qanunvericilik aktları ilə müəyyən edilmiş məsələlərin həlli sahəsində olan qanun pozuntuları xeyli azalmışdır.
2017-ci ildə şəxsiyyət vəsiqəsi, habelə qeydiyyatla bağlı respublikanın şəhər və rayonlarından 82 müraciət daxil olmuşdur. Həmin müraciətlər üzrə görülmüş tədbirlər nəticəsində vətəndaşların pozulmuş hüquqları bərpa edilmişdir.
Bir sıra vətəndaşlar Müvəkkilin aidiyyəti üzrə müdaxiləsindən sonra Nazirlər Kabinetinin 2003-cü il 9 aprel tarixli, 55-s saylı Sərəncamının 1-ci bəndinə müvafiq olaraq, yaşayış yeri olmayan şəxs kimi müvafiq polis orqanlarının inzibati binalarına qeydiyyata alınaraq şəxsiyyət vəsiqəsi ilə təmin edilmişlər.
Doğum haqqında şəhadətnaməsi olmayan vətəndaşlarla, xüsusilə uşaqlarla bağlı müxtəlif vaxtlarda Müvəkkilin ünvanına daxil olmuş müraciətlərdə bu sənədin alınmasında onlara köməklik göstərilməsi xahiş edilmişdir.
Respublikanın regionlarında, xüsusilə kənd yerlərində vətəndaşların nikahın və doğumun qeydiyyata alınması ilə bağlı vaxtında müraciət etməsi üçün şəhər və rayon icra hakimiyyəti başçılarının inzibati ərazi vahidləri üzrə nümayəndəlikləri və bələdiyyələr, habelə yerli tibb müəssisələri tərəfindən müntəzəm maarifləndirmə və məlumatlandırma işinin aparılmasına ehtiyac vardır.
Azərbaycan Respublikası ərazisində daimi və ya müvəqqəti yaşayan əcnəbilər tərəfindən ünvanlanmış müraciətlər də araşdırılmış, bəzi əcnəbilərin müvəqqəti qeydiyyata alınmasına köməklik göstərilmiş və ya ölkədən çıxarılmasının qarşısı alınmışdır.
Müvəkkil xaricdə daimi və ya müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının da hüquqlarının müdafiəsi məqsədilə həm səlahiyyətli dövlət qurumları, həm də xarici həmkarları ilə əməkdaşlığını davam etdirmiş, xarici ölkələrdə yaşayan bir sıra soydaşlarımızın pozulmuş hüquqlarının bərpasında və problemlərinin həllində yardımçı olmuşdur.

Müvəqqəti saxlama yerlərində və istintaq təcridxanalarında saxlanılan şəxslərin hüquqları. Müvəkkil və aparatın əməkdaşları tərəfindən müxtəlif vaxtlarda həbs yerlərinə - Daxili İşlər Nazirliyinin şəhər və rayon polis idarə, şöbə və bölmələrinin müvəqqəti saxlama yerlərinə, Dövlət Təhlükəsizliyi Xidmətinin Müvəqqəti Saxlama Yeri və İstintaq Təcridxanasına, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin istintaq təcridxanalarına müntəzəm olaraq çoxsaylı başçəkmələr keçirilmişdir.
Müvəqqəti saxlama yerlərində və istintaq təcridxanalarında saxlanılan şəxslərlə təkbətək görüşlər, habelə kameralara baxışlar keçirilmiş, onların saxlanma şəraiti və xidmət əməkdaşlarının onlarla rəftarı, vəkilə və tibbi yardıma çıxış imkanları, ərzaq təminatı, gəzinti, görüş, telefon danışıqları, tutulmuş və həbs olunmuş şəxs qismində digər hüquqlarının təmini, saxlanılmanın qanuniliyini təsdiq edən sənədləşmə araşdırılmışdır.
Söhbət aparılan şəxslər, bir qayda olaraq, saxlanıldıqları müddət ərzində onlara qarşı insan ləyaqətini alçaldan kobud rəftara yol verilmədiyini, saxlanma şəraitindən şikayətlərinin olmadığını bildirmişlər. Hər bir saxlanılan şəxsə barələrində aparılan istintaqla bağlı qaldırdıqları məsələlər üzrə qanunvericiliyə uyğun şəkildə hüquqi məsləhətlər verilmiş, onlara hüquqları və qanunun tələbləri izah edilmiş, ərizə və müraciətlər qəbul olunmuş, hüquqlarının təmin olunması vəziyyəti araşdırılmaqla müvafiq qaydada Baş Prokurorluq, Daxili İşlər və Ədliyyə nazirliklərinə, habelə digər səlahiyyətli dövlət qurumlarına sorğularla müraciətlər edilmişdir. Həmin sorğular qanunla müəyyən edilmiş müddətdə cavablandırılmış, müraciət etmiş hər bir şəxsə yazılı cavablar verilmişdir.
Müvəqqəti saxlama yerlərində və istintaq təcridxanalarında saxlanılan şəxslərin müdafiəçiləri və qanuni nümayəndələri ilə təklikdə, habelə sayına və müddətinə məhdudiyyət qoyulmadan görüşmək hüquqları təmin edilmişdir.
Baxışların keçirildiyi hər bir yerdə cavabdeh vəzifəli şəxslərə şərait və sənədləşmə ilə bağlı müvafiq tövsiyələr verilmiş, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri müəssisə əməkdaşlarının və saxlanılan şəxslərin diqqətinə çatdırılmış, əməkdaşların vəzifələri, həmçinin şübhəli və təqsirləndirilən şəxs qismində saxlanılanların hüquqları, habelə qanunun müvafiq müddəaları izah olunmuşdur.
Polis orqanlarının, o cümlədən müvəqqəti saxlama yerlərinin əməkdaşları ilə keçirilmiş görüşlər zamanı hüquqi maarifləndirmə işləri də aparılmış, insan hüquq və azadlıqlarının təmin olunmasına xüsusi diqqət yetirilməsinin vacibliyi, polis əməkdaşlarının vətəndaşlara qarşı qeyri-etik davranışın və kobudluğun yolverilməzliyi, onların fəaliyyətinin daha da təkmilləşdirilməsinin vacibliyi diqqətə çatdırılmış, eyni zamanda mövcud nöqsanların aradan qaldırılması ilə bağlı tövsiyələr verilmişdir.
Daxili İşlər Nazirliyinin bütün müvəqqəti saxlama yerləri müasir həyəcan və mühafizə siqnalizasiya sistemi ilə təchiz edilmiş, eyni zamanda həmin yerlər xidmətin aparılmasına və saxlanılan şəxslərin davranışına nəzarəti gücləndirmək məqsədi ilə vahid mərkəzdən idarə olunan videonəzarət sistemləri ilə təchiz olunmuşdur.
Rəsmi məlumata əsasən, müvəqqəti saxlama yerlərində beynəlxalq norma və standartlara cavab verən şəraitin yaradılması ilə bağlı fəaliyyət çərçivəsində Xətai və Sabirabad rayon polis orqanlarının yeni müvəqqəti saxlama yerlərinin inşası, həmçinin Bərdə və Ağdaş rayon polis şöbələrinin müvəqqəti saxlama yerlərində aparılan əsaslı təmir və yenidənqurma işləri başa çatdırılmışdır.
Ucar RPŞ-də yeni müvəqqəti saxlama yerinin inşası, Qobustan və Cəlilabad rayon polis şöbələrinin müvəqqəti saxlama yerlərində zəruri təmir işləri, eləcə də Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma məntəqəsinin əlavə inzibati korpusunun tikintisi isə davam etdirilməkdədir.
Müvəkkilə ünvanlanmış, o cümlədən şikayətlərdə öz əksini tapmış, habelə qəbulda olarkən verilmiş və ya “qaynar xətt” vasitəsilə çatdırılmış məlumatlar əsasında da müvəqqəti saxlama yerlərinə başçəkmələr keçirilmiş, zəruri tədbirlər görülmüşdür.
Daxili İşlər Nazirliyinin məlumatına əsasən, xidməti vəzifələrinin icrasında nöqsanlara yol verdiklərinə görə müvəqqəti saxlama yerlərinin 42 əməkdaşı intizam qaydasında cəzalandırılmışdır ki, onlardan da 8 nəfəri daxili işlər orqanlarında xidmətdən xaric olunmuş, 1-i tutduğu vəzifədən azad edilmiş, 33 əməkdaş barəsində digər tənbeh tədbirləri görülmüşdür. Bununla yanaşı, əməkdaşların peşəkarlığının, dünyagörüşünün artırılması və əməkdaşlar tərəfindən müsbət beynəlxalq təcrübənin mənimsənilməsi istiqamətində məqsədyönlü tədbirlər davam etdirilmişdir.
Hər bir halda müvəqqəti saxlama yerlərinə və istintaq təcridxanalarına baxışların nəticələri ilə bağlı kütləvi informasiya vasitələrinə mütəmadi olaraq məlumatlar verilmişdir.
Beynəlxalq qurumların nümayəndələri ilə müzakirələr zamanı azadlıqdan məhrumetmə ilə bağlı olmayan alternativ cəzaların tətbiqi vəziyyəti, habelə hüquq pozuntusu törətmiş şəxslərə tətbiq olunan ictimai sanksiya və tədbirlər, onların sosial inkluziyası, eləcə də ictimaiyyətin təhlükəsizliyinin təmini istiqamətində qarşıda duran məsələlər müzakirə olunmuşdur.
Törədilmiş əmələ uyğun olaraq, habelə dünya təcrübəsində hüquq pozuntusuna yol vermiş şəxslərin cəzalandırılması zamanı alternativ üsulların tətbiqini hələ bir neçə il əvvəl təklif edən Müvəkkilin və əməkdaşlarının ötən dövrlərdə beynəlxalq qurumların nümayəndələri ilə keçirdikləri görüşlərdə və fikir mübadilələrində probasiya xidmətinin yaradılmasına zərurət olduğu da qeyd edilmişdir.
“Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 fevral tarixində imzaladığı Sərəncamda (bundan sonra - 2017-ci il 10 fevral tarixli sərəncam) öz əksini tapmış tədbirlər cəzaların mahiyyətinin daha çox islah və tərbiyəvi xarakter alması baxımından önəmli olmaqla, humanizm və ədalət prinsiplərinə əsaslanan dövlət siyasətinin bariz nümunəsidir.
Qeyd edilənlər baxımından, Müvəkkilin çoxşaxəli fəaliyyətinin nəticəsi olaraq, Cinayət, Cinayət Prosessual, Cəzaların İcrası və İnzibati Xətalar məcəllələrinə əlavə və dəyişikliklərlə bağlı təkliflər verilmişdir.
Ölkəmizdə həyata keçirilən hüquqi islahatların tərkib hissəsi kimi cəza siyasətinin humanistləşdirilməsi və alternativ cəza tədbirlərinin tətbiqi sahəsində yeni səhifə açan, qanunvericiliyin təkmilləşdirilməsi və institusional quruculuq sahəsində qarşıya yeni vəzifələr qoyan həmin sərəncamda nəzərdə tutulmuş tədbirlərin insan hüquq və azadlıqlarının etibarlı müdafiəsində xüsusi əhəmiyyətinə diqqəti yönəltmək məqsədilə Müvəkkil tərəfindən Milli Məclisin deputatlarının, hakimlərin, aidiyyəti dövlət qurumlarının, o cümlədən hüquq-mühafizə orqanlarının, beynəlxalq təşkilatların, vətəndaş cəmiyyəti institutlarının, kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə ictimai müzakirələr keçirilmişdir.
Müvafiq sərəncamdan irəli gələrək, 2017-ci il 20 oktyabr tarixli qanunla Cinayət Məcəlləsində edilmiş 300-ə yaxın, o cümlədən 15 cinayətin məcəllədən çıxarılması, bir sıra hallarda məcəllə ilə müəyyən edilmiş şərtlərlə cinayət məsuliyyətindən azad etmə, məcəlləyə “Azadlığın məhdudlaşdırılması” yeni cəza növünün əlavə edilməsi, 158 cinayətin sanksiyasına azadlıqdan məhrum etməyə alternativ cəzaların daxil edilməsi, 13 cinayət əməli üzrə sanksiyalarda azadlıqdan məhrum etmə cəzasının həddinin azaldılması və bu kimi digər dəyişikliklər, habelə bir sıra əməllərin cinayət kateqoriyasından inzibati xəta kateqoriyasına keçirilməsi, eyni zamanda Cinayət Prosessual və Cəzaların İcrası məcəllələrinə əlavə və dəyişikliklər böyük ictimai əhəmiyyət daşımaqdadır.
Cinayət törətmiş, hüquq pozuntusuna yol vermiş şəxsin azadlıq hüququ ilə bağlı məhdudiyyətlərin tətbiq edilməsinin qarşısının alınması məqsədilə dövlət orqanları və vətəndaş cəmiyyəti institutları ilə müvafiq istiqamətlər üzrə əməkdaşlıq edilmiş, Cinayət Məcəlləsinə edilmiş əlavə və dəyişiklər zamanı müvafiq bölmələr üzrə Müvəkkilin çoxsaylı, xüsusilə də cinayət məsuliyyətindən azad etmə ilə bağlı təklifləri nəzərə alınmışdır.

Şərəf və ləyaqətin müdafiəsi hüququ. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur və heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz.
Müvəkkilin təşəbbüsü ilə işgəncə, qəddar, qeyri-insani və ləyaqəti alçaldan münasibətlərin, kobud rəftarın qarşısının alınmasına xidmətin səmərəli təşkili məqsədilə aparatda 24 saat fəaliyyət göstərən “qaynar xətt”, həmçinin hüququ pozulmuş uşaqların problemləri ilə bağlı Müvəkkilə dərhal müraciət etmək imkanı verən “916” nömrəli “qaynar xətt” fəaliyyətini müvəffəqiyyətlə davam etdirmiş, daxil olan məlumatlar əsasında araşdırmalar aparılmış və tədbirlər görülmüşdür.
2017-ci ildə şərəf və ləyaqətin müdafiəsi hüququnun pozulması ilə bağlı Müvəkkilin ünvanına  571 müraciət daxil olmuşdur. Həmin müraciətlərdə, əsasən, dövlət qurumlarının və yerli icra orqanlarının hakimiyyət səlahiyyətinə malik vəzifəli şəxsləri, habelə müəssisə və təşkilatların vəzifəli şəxsləri və əməkdaşları tərəfindən vətəndaşa qarşı kobud rəftar, təhqir, fiziki və ya mənəvi təzyiqlərə məruz qoyma, etik davranış qaydalarının pozulması, habelə saxlanılan və ya barəsində təhqiqat və ya istintaq aparılan şəxslərə qarşı kobud rəftar kimi hallar barədə məlumat verilmişdir. Bu halların yoxlanılması ilə bağlı Müvəkkilin səlahiyyətli dövlət qurumlarına tapşırıqları üzrə aparılmış yoxlamalar zamanı şikayət öz təsdiqini tapdığı halda müvafiq tədbirlər görülmüş, zəruri hallarda günahkar şəxslər intizam qaydasında cəzalandırılmışlar.
Hər bir halda, vətəndaşların şərəf və ləyaqətinin müdafiəsi hüququnun dövlətin müvafiq qurumlarının, o cümlədən polis orqanlarının əməkdaşları tərəfindən baş verən və ya baş verə biləcək pozulması hallarına yol verilməməsi, qarşısının alınması, vətəndaşlarda hüququn aliliyinə və ədalətə olan inamın daha da artması, etimadın yüksəlməsi məqsədilə maarifləndirmə tədbirlərinin davamlılığının təmin olunması vacibdir.
Cəmiyyətdə xüsusi narahatlıq doğuran həlli vacib məsələlərdən biri də ayrı-ayrı fərdlərin sosial şəbəkələrdən istifadəsi zamanı özgə adlar altında qeydiyyatdan keçərək və cəzasızlıq mühitindən istifadə edərək başqalarının şərəf və ləyaqətinə xələl gətirən, işgüzar nüfuzunu ləkələyən ifadə, habelə audio və ya video görüntülərdən istifadə hallardır.
Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula, həmçinin informasiya texnologiyalarından şəxsi həyata, habelə əqidəyə, dini və etnik mənsubiyyətə dair məlumatların açıqlanması üçün istifadə edilə bilməz. Odur ki, vətəndaşların şəxsi həyatına qanunsuz müdaxilələrin qarşısının alınması, onların şərəf və ləyaqətinin müdafiəsi hüququnun daha etibarlı müdafiəsi və pozulması hallarının qarşısının alınması məqsədilə informasiya texnologiyalarından, o cümlədən sosial şəbəkələrdən istifadə zamanı məsuliyyətin müəyyən edilməsinə, internet resurslarından, o cümlədən sosial şəbəkələrdən istifadənin hüquqi tənzimlənməsinə ehtiyac vardır.

Müvəkkilin işgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzaların qarşısının alınması üzrə milli preventiv mexanizm (MPM) qismində fəaliyyəti. 2017-ci ildə ölkədə fəaliyyət göstərən, şəxslərin öz iradəsi ilə tərk edə bilmədikləri 240-dək yerdə ümumilikdə 341, o cümlədən plan üzrə 251, plandankənar 90 başçəkmə həyata keçirilmişdir. Onlardan, Daxili İşlər Nazirliyinin müvəqqəti saxlama yerlərinə 149, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin istintaq təcridxanalarına, cəzaçəkmə müəssisələrinə, məntəqə tipli həbsxanaya, müalicə müəssisəsinə 81, Dövlət Təhlükəsizliyi Xidmətinin Müvəqqəti Saxlama Yeri və İstintaq təcridxanasına 6, Dövlət Miqrasiya Xidmətinin Qanunsuz Miqrantların Saxlanılma Mərkəzinə 4, Təhsil Nazirliyinin xüsusi təlim-tərbiyə, habelə internat müəssisələrinə və xüsusi peşə məktəbinə 30, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin pansionatlarına, ahıllar və əlillər üçün internat evlərinə 11, Səhiyyə Nazirliyinin psixiatriya xəstəxanalarına, ruhi-əsəb dispanserlərinə, psixonevroloji uşaq evinə, uşaq və körpələr evlərinə 37, yerli icra hakimiyyətlərinin tabeliyində olan uşaq evlərinə 23 başçəkmə həyata keçirilmişdir.
Başçəkmələr zamanı bu müəssisələrdə saxlanılan şəxslərlə rəftar məsələləri, saxlanılma şəraiti, onlarla bağlı sənədləşmə, tibbi yardım və bu xidmətin vəziyyəti, ərzaq təminatı, qidanın rasionu və keyfiyyəti, qidalanma, içməli isti və soyuq su təminatı, sovqat, gəzinti, asudə vaxtın təşkili, onların ailə üzvləri və vəkilləri ilə görüş, telefon danışıqları və digər hüquqlarının təminatı ilə bağlı mövcud vəziyyət, habelə müraciətləri diqqətdə saxlanılaraq araşdırılmışdır.
Həmin müəssisələrdə keçirilmiş başçəkmələr zamanı qəbul edilmiş şəxslərə barələrində aparılan istintaqla bağlı qaldırdıqları məsələlərə dair qanunvericiliyə uyğun şəkildə hüquqi məsləhətlər verilmiş, habelə görüş, telefon danışığı, tibbi yardımla bağlı müraciətləri araşdırılmış, onlara hüquqları, müvafiq qanunvericiliyin tələbləri izah edilmiş, Müvəkkilə ünvanlanmış ərizə və müraciətləri qəbul olunmuş, habelə başçəkmə keçirilən müəssisələrlə bağlı müraciətlər yerində araşdırılmış və təmin edilmişdir.
Rəftar məsələlərinin araşdırılması ilə bağlı da Milli Preventiv Qrupun (MPQ) üzvləri tərəfindən Daxili İşlər Nazirliyinin, Penitensiar Xidmətin, habelə digər aidiyyəti dövlət orqanlarının tabeliyində olan müəssisələrdə saxlanılan çoxsaylı şəxslər fərdi qaydada dinlənilmiş, şikayətləri, qaldırdıqları məsələlər, hüquqlarının təmin olunması vəziyyəti, habelə müraciətləri üzrə sənədləşmə işi araşdırılmışdır.
MPM fəaliyyəti çərçivəsində qəbul edilmiş hər bir şəxsin, onların ailə üzvlərinin və vəkillərinin müraciətlərinə, habelə həmin şəxslərdən Müvəkkilin “qaynar xətt”inə daxil olmuş məlumatlara dərhal reaksiya verilmiş, şikayətdə göstərilən hüquq pozuntusu, həmin müəssisələrdə saxlanılma şəraiti və rəftar məsələləri, məhkəmə-tibb ekspertizasının təyin edilməsi, saxlanılan şəxslərin hüquqlarının təmin olunması vəziyyəti araşdırılmış, zəruri hallarda Baş Prokurorluğa, Daxili İşlər və ya Ədliyyə nazirliklərinə, Dövlət Miqrasiya Xidmətinə, habelə digər aidiyyəti dövlət qurumlarına müraciətlər edilmişdir. Qanunla müəyyən olunmuş müddətdə alınmış cavablar əsasında müraciət etmiş hər bir şəxsə yazılı məlumat verilmişdir. Müvəkkilin bu diqqəti vətəndaşlar tərəfindən razılıqla qarşılanmaqdadır.
Başçəkmələr zamanı ümumilikdə müvəqqəti saxlama yerlərində 942, istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində 839, şəxsin öz iradəsi ilə tərk edə bilmədiyi digər müəssisələrdə 780-dən çox saxlanılan şəxslə təklikdə görüşülmüş, həmçinin bu müəssisələrin 500-dən çox əməkdaşı ilə söhbətlər, onlara ünvanlanan hüquqi maarifləndirmə işi aparılmış, tövsiyələr verilmişdir. Bu zaman müəssisə rəhbərləri və aidiyyəti vəzifəli şəxslər tərəfindən Müvəkkilə, habelə MPQ üzvlərinə qanunvericiliyin tələblərinə uyğun olaraq, lazımi şərait yaradılmış, verilmiş tövsiyələrin icrası üzrə tədbirlər görülmüşdür.
Başçəkmələr çərçivəsində müəssisə rəhbərliyi və məsul əməkdaşlarla aparılmış hüquqi maarifləndirici söhbətlərlə yanaşı, milli və beynəlxalq qanunvericiliyə, o cümlədən mövcud Daxili intizam qaydalarına müvafiq şəkildə saxlanılma şəraitinin, tibbi xidmətin və sənədləşmənin aparılması işinin daha da təkmilləşdirilməsi, müəyyən edilmiş çatışmazlıqların aradan qaldırılması ilə bağlı müvafiq tövsiyələr verilmişdir.
Həyata keçirilmiş başçəkmələrin nəticələri təhlil edilmiş, zəruri hallarda müvafiq müəssisələrdə işin təkmilləşdirilməsi ilə bağlı təkliflərlə aidiyyəti dövlət qurumlarına müraciətlər ünvanlanmış, habelə əvvəlki başçəkmələr çərçivəsində verilmiş tövsiyələrin icrası vəziyyəti yerində yoxlanılmışdır.
Müvəkkilin təklif və tövsiyələri saxlanılan şəxslərin şərəf və ləyaqətinin müdafiəsinə, pozuntuların aradan qaldırılmasına, saxlanılma şəraitinin təkmilləşdirilməsinə, normativ hüquqi aktların beynəlxalq hüquqi sənədlərə, qaydalara və standartlara uyğunlaşdırılmasına yönəlmişdir.
İstər illik məruzələrində və aidiyyəti dövlət qurumlarına müraciətlərində, istərsə də Milli Məclisdə 2018-ci ilin Dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı Müvəkkil tərəfindən cəzaçəkmə müəssisələrində mövcud olmuş istehsal sahələrinin bərpa edilməsi və müasir avadanlıqlarla təchiz olunmuş yeni istehsal sahələrinin yaradılması ilə bağlı təkliflər verilmişdir.
Cəzaçəkmə müəssisələrinin istehsalat sahələrində məhkumlar tərəfindən istehsal olunmuş məhsulların daxili və xarici bazarlara çıxarılması üzrə fəaliyyətdə sahibkarların marağının və iştirakının stimullaşdırılması məqsədi ilə belə hallarda onlara münasibətdə vergi və digər güzəştlərin tətbiq edilməsi də məqsədəmüvafiqdir.
Müvəkkil hesab edir ki, qeyd edilən tədbirlər məhkumların islah olunmasına, peşə hazırlığına, nəticə etibarilə sosiallaşmasına, habelə mülki iddialardan irəli gələn borclarının, o cümlədən alimentin ödənilməsinə, ailəsinə maddi dəstək verməsinə imkan yarada bilər.
Müvəkkilin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzaların qarşısının alınması üzrə milli preventiv mexanizm qismində fəaliyyətə dair” 2009-2016-cı illər üzrə hesabatları Azərbaycan və ingilis dillərində çap olunaraq yayılmış, təsisatın rəsmi internet səhifəsində yerləşdirilmiş, 2017-ci il üzrə səkkizinci illik hesabatı da hazırlanmışdır.
Başçəkmələrlə bağlı mətbuat açıqlamaları mütəmadi olaraq kütləvi informasiya vasitələrinə göndərilmiş, habelə Müvəkkilin rəsmi internet səhifəsində yayımlanmışdır.
İl ərzində Müvəkkil və MPQ tərəfindən Daxili İşlər, habelə Ədliyyə nazirliklərinin  müəssisələrində əməkdaşlar, habelə tutulmuş, həbs edilmiş və məhkum olunmuş şəxslər üçün geniş tərkibdə hüquqi maarifləndirici görüşlər keçirilmiş, 2017-ci il 10 fevral tarixli sərəncamın mahiyyəti və əhəmiyyəti təbliğ olunmuşdur. Bu sərəncamdan irəli gələrək, Cinayət, Cinayət Prosessual, Cəzaların İcrası məcəllələrinə edilmiş çoxsaylı dəyişikliklər, maddələrin sanksiyasına daxil edilmiş alternativlər, habelə qanunun təsiri altına düşmüş maddələr üzrə geniş izahat və hüquqi maarifləndirmə işi aparılmışdır.
MPM fəaliyyəti baxımından, saxlanılan şəxslərlə rəftar və saxlama şəraiti, belə şəxslərin hüquqlarının təmin edilməsi üzrə mövzular Polis, habelə Ədliyyə akademiyalarının illik tədris proqramına daxil edilmiş, müvafiq olaraq, müdavimlərə, polis işçilərinə, hakimliyə namizədlərə, penitensiar və tibb xidmətinin əməkdaşlarına tədris olunmaqdadır.
Müvəkkil Avropa Şurasının ölkə üzrə Fəaliyyət Planının bir komponenti olaraq davam etdirilən “Azərbaycanda penitensiar xidmətin islahatlarına dəstək” proqramının icrasında da tərəfdaş qurum kimi yaxından iştirak etmişdir. Bu da “Penitensiar sistemdə idarəetmənin inkişafı və tibbi xidmətin professionallığının artırılması” istiqamətində aparılan işlərə mühüm dəstək verir.
Müvafiq sahədə işin peşəkar şəkildə qurulması və fəaliyyətin təkmilləşdirilməsi məqsədilə MPQ üzvlərinin nəzəri və təcrübi biliklərinin artırılması üzrə tədbirlər görülmüş, o cümlədən Avropa İttifaqının “Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti çərçivəsində Almaniya və Polşanın  partnyorluğunda Ombudsmanın imkanlarının gücləndirilməsinə dəstək” adlı Tvinninq layihəsinə (bundan sonra – Tvinninq layihəsi) müvafiq olaraq, Almaniya, Polşa, Yunanıstan və Portuqaliyaya səfər zamanı təcrübə mübadilələri təşkil olunmuş, beynəlxalq qurumların nümayəndələri ilə birlikdə  treninq və görüşlər, həmçinin müəssisələrdə birgə effektiv başçəkmələr keçirilmiş, həmçinin MPM-in yeni strateji planı hazırlanmış, effektiv monitorinq və hesabat üçün müasir məlumat bazası yaradılmışdır.

Fikir və söz azadlığı. Fikir, söz və mətbuat azadlığının səmərəli təmin edilməsinə, mətbuatın inkişafına və jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş tədbirlər davam etdirilmişdir.
Mətbuat nümayəndələrinə dövlət tərəfindən göstərilən yüksək diqqət və qayğı milli mətbuatın inkişafında əhəmiyyətli rol oynamaqdadır.
Ölkə Prezidenti BMT Baş Assambleyasının 72-ci sessiyasının açılışındakı çıxışında da qeyd etmişdir ki, “Azərbaycanda bütün fundamental azadlıqlar, o cümlədən ifadə, mətbuat, yığıncaq və dini azadlıqlar tam şəkildə təmin edilir.”
Kütləvi informasiya vasitələrinin nümayəndələri üçün dövlət büdcəsi hesabına və təmənnasız olaraq yaşayış binalarının inşa olunması və ayrı-seçkiliyə yol verilmədən jurnalistlərin istifadəsinə verilməsi onların peşəkar fəaliyyətinin və azad mətbuatın dəstəklənməsi ilə yanaşı, dövlətin cəmiyyətdə fikir və söz azadlığının təmin edilməsinə, jurnalistlərə və mətbuata, azad fikrə və sərbəst düşüncəyə olan hörmətinin təzahürüdür. Jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimindəki nitqində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: “Bu binalarda yaşayan və bundan sonra yaşayacaq jurnalistlər müxtəlif siyasi spektrə aiddir və burada da heç bir ayrı-seçkiliyə yol verilmədi. Müxtəlif siyasi baxışları, müxtəlif partiyaların üzvləri olan insanlar burada bir yerdə bir ailə kimi yaşayacaqlar. Əslində, Azərbaycan cəmiyyəti də bu istiqamətdə inkişaf edir. ...Bir daha demək istəyirəm ki, Prezident kimi mən azad medianın inkişafı üçün bundan sonra da səylərimi əsirgəməyəcəyəm.”
Qəzet redaksiyalarına dövlət tərəfindən maddi yardımlar edilmiş, fərdi jurnalist layihələrinə dəstək verilmiş, kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə ayrı-ayrı jurnalistlər orden və medallarla təltif edilmiş, fəxri adlara layiq görülmüşlər.
Milli mətbuatın inkişafında, sağlam milli-mənəvi dəyərlərin formalaşmasında və təbliğində, cəmiyyətdə şəffaflığın, ahəngdarlığın və sosial birliyin təmin edilməsində, insan hüquqlarının müdafiəsində, gənc nəslin düzgün tərbiyə olunmasında və püxtələşməsində peşəkar mətbuatın rolu danılmazdır.
Qeyd edilənlərlə yanaşı, kütləvi informasiya vasitələrində gənc nəslin tərbiyəsinə və formalaşmasına mənfi təsir göstərən, insanlarda bədbinlik və psixoloji sarsıntılar yaradan yazı və məlumatların, xüsusilə də kriminal xəbərlərin verilməsi tərzi, cinayət aləminin nümayəndələrinin dolayısı ilə təbliğ olunması, digər tərəfdən, ayrı-seçkiliyə yol açan, habelə əsassız və ya şaiyə xarakterli, həmçinin kənar təsir və təzyiqlər nəticəsində yaranan məlumat və yazıların mətbuatda verilməsi, reketçilik və sui-istifadə halları yolverilməzdir.
Mətbuatla əməkdaşlığını genişləndirməkdə olan Müvəkkil tərəfindən təşkil edilmiş tədbirlərdə kütləvi informasiya vasitələrinin nümayəndələri daim fəal təmsil olunmuşlar.
Təsisatın fəaliyyəti ilə bağlı müntəzəm olaraq mətbuat orqanlarına, o cümlədən qəzet və jurnallara, teleradio kanallarına, informasiya agentliklərinə, elektron qəzetlərə və online xəbər portallarına məlumatlar göndərilmiş, müsahibə və bəyanatlar verilmiş, məqalələr dərc edilmişdir.
“10 dekabr – Beynəlxalq İnsan Hüquqları günü”nə həsr olunmuş konfrans çərçivəsində elan edilmiş ənənəvi “Hüquqlar - hamı üçün!” mövzusunda jurnalist yazıları müsabiqələrinə yekun vurulmuş, qalib gəlmiş jurnalistlərə mükafatlar verilmişdir.
Müvəkkil jurnalistlərin və mətbuat nümayəndələrinin hüquqlarının müdafiəsi məsələlərini, fikir, söz və ifadə azadlığının təmin olunmasını diqqətdə saxlamışdır.
Fikir, söz və mətbuat azadlığının təmin edildiyi bir vaxtda kütləvi informasiya vasitələrinin nümayəndələri etik davranış qaydalarına riayət etməklə daim peşəkarlığının yüksəldilməsinə çalışmalı, eyni zamanda vətəndaşların qanuni maraqlarına cavab verən məsələlərin işıqlandırılmasına, insan hüquqlarının inkişafına və müdafiəsinə dəstək verən ədalətli yazılara üstünlük verməlidirlər. Bununla yanaşı, insan hüquqlarının inkişafına dəstək verən mövzularda yazan media nümayəndələrinin hüquqi maarifləndirilməsi, bu istiqamətdə fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin təşəbbüslərinin qiymətləndirilməsi məqsədəmüvafiqdir.

İnformasiya əldə etmək azadlığı. İnformasiya və kommunikasiya texnologiyaları sahəsində həyata keçirilən dövlət proqramları və zəruri islahatlar nəticəsində ölkəmizin ümumdünya elektron məkanına daha sürətli inteqrasiyası təmin edilmişdir.
Azərbaycan dilində olan internet resurslarının zənginləşməsi, elektron qəzet və jurnalların yayılması, sosial şəbəkələrin geniş yer alması və əhalinin təxminən 80 faizinin internetdən istifadə etməsi mövcud sahədə inkişafının göstəricisidir.
Elektron hökumətin müasir tələblərinə uyğun olaraq, informasiya texnologiyalarının inkişaf etdiyi dövrdə bu sahədə yeni nailiyyətlər istifadə olunmaqla və informasiya almaq hüququnun daha da sadələşdirilməsi məqsədilə Müvəkkilin rəsmi internet səhifəsi də təkmilləşdirilərək istifadəyə verilmişdir.
“Elektron hökumət” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 5 fevral tarixli Fərmanında irəli sürülmüş məqsədlərə nail olunması üçün Müvəkkil aparatında və regional mərkəzlərdə Elektron Sənəd Dövriyyəsinin tətbiqi və İnformasiyanın İdarə Olunması Sisteminin təkmilləşdirilməsi məqsədilə aparatda müasir elektron informasiya bazasının yaradılması, eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda 2016-2017-ci illərdə Müvəkkilin “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələri yerinə yetirməsinə nəzarət imkanlarının gücləndirilməsi üzrə tədbirlərin görülməsi məqsədilə Ombudsmanın strukturunun təkmilləşdirilməsi üçün maliyyə vəsaitinin ayrılması məqsədilə Müvəkkil Nazirlər Kabinetinə və Maliyyə Nazirliyinə müraciət etmişdir.
Müvəkkil Konstitusiya Qanununun 1.3-cü maddəsinə əsasən, informasiya sahibi olan dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və vəzifəli şəxslərin “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələri yerinə yetirməsinə nəzarəti həyata keçirir.
“İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 3.0.7.-ci maddəsinə əsasən, informasiya əldə etmək üçün yazılı və ya şifahi şəkildə müraciət edən hüquqi və ya fiziki şəxs informasiya sorğusu verən hesab edilir. Göründüyü kimi, hər bir şəxs, o cümlədən kütləvi informasiya vasitələrinin nümayəndələri informasiya sorğusu vermək hüququna malikdir. Buna baxmayaraq, həmin qanunun müvafiq tələbi ilə yetərincə tanış olmayan bəzi mətbuat nümayəndələri tərəfindən bu qanunun yalnız kütləvi informasiya vasitələrində çalışan şəxslərin informasiya əldə etmək azadlığının müdafiəsi məqsədi daşıması kimi yanlışlığa yol verilir.
2017-ci ildə informasiya əldə etmək azadlığı ilə bağlı Müvəkkilin ünvanına daxil olmuş müraciətlər təhlil edilmiş, müvafiq səlahiyyətli qurumlara sorğular göndərilmiş, öz həllini tapmışdır.
İnformasiya əldə etmək azadlığının səmərəli təmin edilməsi üzrə təcrübənin öyrənilməsi və mübadiləsi, bu sahədə müzakirələr aparılması və təkliflərin formalaşdırılması da əhəmiyyətli olmuşdur. Almaniya, Polşa, Yunanıstan və Portuqaliyadan olan tərəfdaşların iştirakı ilə Tvinninq layihəsi çərçivəsində beynəlxalq ekspertlər tərəfindən və dövlət qurumlarının mətbuat xidmətləri əməkdaşları üçün “İnformasiya əldə etmək hüququnun təbliği üçün məlumatlılığın artırılması” mövzusunda treninq-seminarlar keçirilmişdir.
Konstitusiya Qanununa müvafiq olaraq, Müvəkkilin ünvanına daxil olan informasiya sorğularının daha səmərəli təhlili və cavablandırılması məqsədilə Avropa İttifaqı üzv dövlətlərinin ekspertləri tərəfindən müvafiq metodoloji seminarlar təşkil edilmiş, aparatın əməkdaşları ilə təcrübə mübadiləsi aparılmışdır. Layihə çərçivəsində, həmçinin təsisatda müasir və effektiv İnformasiya İdarəetmə Sisteminin yaradılması üçün Avropa İttifaqından olan ekspertlərin və aparatın əməkdaşlarının birgə iştirakı ilə müvafiq konsepsiya hazırlanmışdır.
Tədbirlərdə, bir qayda olaraq, mövcud sahədə milli və beynəlxalq qanunvericilik, xarici ölkələrin təcrübəsi, informasiya azadlığı, informasiya əldə etmək hüququ üzrə əsas prinsiplər və konsepsiyalar, bu istiqamətdə Müvəkkilin fəaliyyəti, səmərəli təcrübələr və mövzular üzrə fikir və təcrübə mübadilələri aparılmış, eyni zamanda informasiya sahibi olan qurumlarla səmərəli əməkdaşlığın vacibliyi önə çəkilmişdir.
İnternetin imkanlarından istifadə edən şəxslər, xüsusilə uşaq və yeniyetmələrin mənəviyyata zidd olan informasiyalarla qarşılaşması bir çox hallarda onların mənəvi-psixoloji sarsıntılara məruz qalması, təsir altına düşməsi ilə nəticələnir.
Fiziki sağlamlığın təhlükələrdən qanuni əsaslarla qorunması baxımından, insan mənəviyyatına, psixikasına olan təhlükələrlə bağlı müdafiə mexanizmlərinin də müəyyən edilməsi, hər bir şəxsin, xüsusilə də uşaq və yeniyetmələrin mənəvi sağlamlığını təhlükələrdən qoruya bilən informasiya təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması, bu istiqamətdə əhatəli maarifləndirmə işinin aparılması zəruridir.
Müvəkkil uşaq və gənclərə informasiya-kommunikasiya texnologiyalarından düzgün istifadə vərdişlərinin aşılanmasını, valideynlərin məsuliyyətinin artırılmasını, televiziya kanallarında uşaq, yeniyetmə və gənclərə ünvanlanmış verilişlərin, habelə sosial reklamların yayımlanmasını, uşaq televiziyasının yaradılmasını, əxlaqa zidd veriliş və məlumatların qarşısının alınmasını, milli-mənəvi dəyərləri təbliğ edən, tərbiyəvi xarakterli internet portallarının yaradılmasını, kibertəhlükəsizliyin, o cümlədən uşaqların mobil telefon vasitəsilə internetdən istifadəsinin təhlükəsizliyinin təmin edilməsini, kibercinayətkarlığa qarşı mübarizənin gücləndirilməsini, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsini və beynəlxalq sənədlərin öyrənilməsini təklif etmişdir.
Müvəkkil əvvəlki illik məruzələrində televiziya kanallarında verilişlər zamanı uşaqların əqli və mənəvi inkişafına zərər vura biləcək məlumatlardan qorunması, mənəvi sarsıntı keçirmələrinin və baş verə biləcək neqativ halların qarşısının alınması, həmçinin uşaqlara aid olmayan əmtəələrin reklamında onların  istifadə olunmaması üçün tədbirlərin görülməsi ilə bağlı kütləvi informasiya vasitələrinə müraciət etmişdir. Bu baxımdan, 2017-ci il 31 may tarixli, 697-VQD saylı Qanunla “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa yeni məzmunda 11-1-ci maddənin (“Reklamda uşaqların müdafiəsi”) əlavə edilməsi əhəmiyyətlidir.

Vicdan azadlığı. Müxtəlif dinlərin və millətlərin nümayəndələrinin birgə yaşadığı, tolerantlıq nümunəsinə çevrilmiş ölkəmizdə hər zaman multikultural dəyərlərə böyük önəm verilmiş, bütün dinlərə mənsub insanların sərbəst şəkildə öz inanclarına etiqad etməsi üçün yaradılmış münbit şərait dinlərarası münasibətlərin möhkəmlənməsinə xidmət etmişdir.
Dini qurumların və icmaların qanunla müəyyən edilmiş qaydada qeydiyyata alınmasına və ya fəaliyyətinə heç bir məhdudiyyət qoyulmamış və dini etiqad azadlığının təmin edilməsi üçün hər bir şərait yaradılmışdır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçmiş 598 dini qurumdan 577-nin islam, 21-nin isə qeyri-islam, o cümlədən 12-nin xristian, 6-nın yəhudi, 1-nin krişna, 2-nin isə bəhai təmayüllü olması, eyni zamanda 2.250 məscidin, 14 kilsənin, 7 sinaqoqun fəaliyyət göstərməsi bunun bariz nümunəsidir.
Dini mədəniyyətin, tolerantlığın, dinlərarası və mədəniyyətlərarası dialoqun təbliğinin gücləndirilməsinə dəstək verən tədbirlər davam etdirilmiş, ölkə Prezidenti tərəfindən 2017-ci ilin respublikamızda “İslam Həmrəyliyi ili” elan edilməsi, “2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransın keçirilməsi, eyni zamanda respublikanın islam dininə mənsub vətəndaşlarının vicdan və əqidə azadlığına hörmət, islam həmrəyliyinin bərqərar olması, olkəmizin özünəməxsus mövqeyinin möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət daşımışdır.
Qeyd edilməlidir ki, dövlət orqanlarının və vəzifəli şəxslərin vətəndaşlar tərəfindən qanunla müəyyən edilmiş qaydada dinə münasibətinin müəyyən edilməsinə, habelə dini birliklərin və icmaların qanuni fəaliyyətinə müdaxilə və ya məhdudiyyət qoyulması halları olmamışdır.
Vicdan, dini etiqad və əqidə azadlığının təmin edilməsi sahəsində vəziyyəti diqqətdə saxlayan Müvəkkilin ünvanına 2017-ci ildə vicdan azadlığı ilə bağlı 9 müraciət daxil olmuş, həmin müraciətlər üzrə araşdırmalar aparılmış, hüquq pozuntusu aşkar edilməmişdir.
Müvəkkilin dini icmaların nümayəndələri ilə görüşləri zamanı onlara dini etiqad azadlığı sahəsində milli qanunvericiliyin və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq hüquqi sənədlərin tələbləri izah edilmiş, respublikada fəaliyyət göstərən bütün dini konfessiyaların qanunauyğun fəaliyyət göstərməsinin və hüquqa hörmətlə yanaşmasının zəruriliyi daim önə çəkilmişdir.
İstər penitensiar müəssisələrə, istərsə də müvəqqəti saxlama yerlərinə baxışlar zamanı həm məhkumların, həm də saxlanılan şəxslərin öz dini ibadətlərini yerinə yetirməsi üçün yaradılan şərait daim diqqətdə saxlanılmışdır. Məhkumların mənəvi-əxlaqi yanaşma yolu ilə islah edilmələri və bu məqsədlə dini-tərbiyəvi işin aparılması üçün din xadimlərinin həmin müəssisələrə dəvət olunması məqsədəmüvafiqdir.
Beynəlxalq təşkilatların ölkəmizdə səfərdə olan və təsisatda qəbul edilmiş nümayəndələri ilə görüşlərdə dini tolerantlıq və vicdan azadlığının təmin edilməsi ilə bağlı məsələlər müzakirə olunmuş, bu sahədə yaradılan sərbəst və bərabər şəraitlə, habelə müxtəlif dini konfessiyaların nümayəndələrinin iştirakı ilə dini etiqad azadlığının təmini istiqamətində həyata keçirilmiş tədbirlərlə bağlı ətraflı məlumat verilmişdir.  
Azərbaycanda milli-mənəvi və dini dəyərlərin qorunması istiqamətində atılan addımlar müxtəlif dini konfessiyalar, habelə etnik mənsubiyyətə malik olan insanlar arasında münasibətlərin tənzimlənməsinə, xalqlar arasında dostluğun və birgəyaşayış qaydalarının möhkəmlənməsinə, onların hüquq və azadlıqlarının səmərəli təmin olunmasına xidmət edən güclü amildir. Odur ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və digər aidiyyəti dövlət qurumlarının, vətəndaş cəmiyyəti institutlarının, dini icmaların, milli mədəniyyət mərkəzlərinin və etnik azlıqların nümayəndələri də cəlb edilməklə dinlər və mədəniyyətlərarası əməkdaşlığın, sülhün bərqərar olmasına xidmət edən dialoqun inkişaf etdirilməsi, respublikanın tolerantlıq siyasətinin dünyada tanıdılması məqsədilə şəbəkə şəklində fəaliyyət göstərilməsi məqsədəmüvafiqdir.
Bu da bir həqiqətdir ki, Azərbaycanda tolerantlıq yalnız dözümlülük deyil, etnik və dini mənsubiyyətdən asılı olmayaraq, bütün millətlərin və dinlərin nümayəndələrinin bərabərliyinə əsaslanan əməkdaşlıqdır.
Müvəkkil mədəniyyətlərarası dialoq və dinlərarası əməkdaşlığın inkişaf etdirilməsi, uşaqlara və gənclərə dini  tolerantlığın aşılanması məqsədilə təhsil müəssisələrində dinşünas və ilahiyyatçı alimlərin də iştirakı ilə maarifləndirmə tədbirlərinin keçirilməsi, sivilizasiyalararası və xalqlararası əməkdaşlığın, sülhün bərqərar olmasına xidmət edən dinlərarası dialoqun inkişaf etdirilməsi, bu mövzuda müxtəlif hüquqi nəşrlərin hazırlanması, kütləvi informasiya vasitələrinin dini maarifləndirmə işinə cəlb olunması, vicdan azadlığına hörmət ruhunda tərbiyənin təbliğ edilməsi və dini maarifləndirmə işinin gücləndirilməsi, respublikamızın tolerantlıq siyasətinin beynəlxalq aləmdə daha yaxından tanıdılması kimi təkliflər vermişdir.

Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı. Məhkəmə sistemində fəaliyyətin səmərəliliyinin artırılması, şəffaflığın və aşkarlığın genişləndirilməsi, müasir informasiya-kommunikasiya texnologiyalarının və elektron məhkəmənin tətbiqi davam etdirilmiş, ədalət mühakiməsinə çatımlılıq və məhkəmələrə müraciət imkanları asanlaşdırılmış, məhkəmə rüsumlarının elektron qaydada ödənilməsi, proseslərin audio-video qeydə alınması, elektron sənəd dövriyyəsi, o cümlədən proseslərlə bağlı hərtərəfli məlumat almaq və elektron qaydada iddia ərizələri vermək imkanı təmin olunmuşdur.
Hakimlərin seçim proseduru şəffaflığına və obyektivliyinə görə hətta digər dövlətlər üçün örnək kimi dəyərləndirilmişdir.
İnnovativ yeniliklərin tətbiqi, qanunvericiliyin təkmilləşdirilməsi, şəffaflığın daha da artırılması, ictimai iştirakçılığın genişləndirilməsi, mövcud nöqsanların aradan qaldırılması ədalət mühakiməsinin səmərəliliyilinin artırılmasında böyük əhəmiyyət daşıyır.
Məhkəmə-Hüquq Şurası tərəfindən məhkəmə sisteminin müasirləşdirilməsi və təkmilləşdirilməsi çərçivəsində növbəti seçim prosesində müvəffəqiyyət qazanmış 126 nəfər hakimliyə namizədin Ədliyyə Akademiyasında bir illik nəzəri və təcrübi kursa cəlb edilməsi də şəffaf seçim qaydasının tətbiqinin nəticəsidir.
Əldə edilmiş nailiyyətlərlə yanaşı, məhkəmə fəaliyyətində mövcud problemlərə də ciddi diqqət ayrılmış, vətəndaşların haqlı narazılığını doğuran nöqsan və pozuntulara yol vermələri nəzərə alınaraq 2017-ci ildə apellyasiya və birinci instansiya məhkəmələrinin 20 hakiminin, o cümlədən 7 məhkəmə sədrinin hakimlik səlahiyyətlərinə xitam verilmiş, 6 məhkəmə sədri və apellyasiya məhkəmələrinin 8 hakimi aşağı işə keçirilmişdir.
Müvəkkil ilə Konstitusiya Məhkəməsi arasında qarşılıqlı işgüzar əlaqələr inkişaf etdirilmiş, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində qarşılıqlı münasibətlərin və təcrübə mübadiləsinin aparılması böyük əhəmiyyət kəsb etmişdir. Belə ki, Müvəkkilin sorğuları əsasında Konstitusiya Məhkəməsi Plenumunun qəbul etdiyi qərarlar istər nəzəri, istərsə də praktiki əhəmiyyət kəsb etmiş, öz mahiyyətinə görə insan hüquq və azadlıqlarının müdafiəsində, habelə qanunların düzgün dərk edilməsində və tətbiqində əhəmiyyətli olmuşdur.
2017-ci ildə hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququ ilə bağlı Müvəkkilin ünvanına 1.131 müraciət daxil olmuşdur. Müvəkkilin səlahiyyətləri daxilində baxılmış həmin müraciətlər, əsasən, məhkəmədə işə baxılma vaxtı və yeri haqqında məhkəmə prosesinin iştirakçılarına müvafiq xəbərdarlığın (bildirişin) göndərilməməsi və ya gec göndərilməsi, məhkəmə qərarlarının surətinin tərəflərə verilməməsi və ya vaxtında göndərilməməsi, məhkəmə qərarlarında texniki səhvlərə yol verilməsi, apellyasiya və kassasiya şikayətlərinin aidiyyəti üzrə göndərilməsi üzrə tərəflərin məlumatlandırılmaması, süründürməçilik halları, qərarların icraya vaxtında yönəldilməməsi, hakimlərin məhkəmə qərarlarının icrasına nəzarət etməməsi ilə bağlı olmuşdur.
Xüsusilə qeyd edilməlidir ki, məhkəmələr tərəfindən müraciətlərin qanunla müəyyən edilmiş müddətlərdə cavablandırılması, habelə prosessual qanunvericiliklə məhkəmələrin üzərinə düşən vəzifələrin vaxtında yerinə yetirilməsi şikayətlərin azalmasına imkan yaradır.
Bəzən məhkəmə qərarının tərəflərə vaxtında göndərilməməsi şəxsin həmin qərardan yuxarı instansiya məhkəməsinə müraciət etmək hüququnun pozulması ilə nəticələnir.
Məhkəmə tərəfindən vətəndaşa işin gedişi ilə bağlı müvafiq məlumatın bəzən vaxtında verilməməsi süründürməçiliyə və haqlı narazılığa səbəb olmuş, belə müraciətlər üzrə tədbirlər görülmüşdür.
Ədliyyə Nazirliyi tərəfindən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının Azərbaycan dilinə tərcümə edilməsi və müvafiq qurumlar arasında yayılması, həmçinin Ədliyyə Akademiyasının internet səhifəsində yaradılmış "Avropa Məhkəməsinin Presedent Hüququ" adlı bölmənin fəaliyyəti xüsusi əhəmiyyət kəsb etmişdir.
Məhkəmələr tərəfindən qərarların qəbul edilməsi zamanı ədalət prinsiplərinə və qanunçuluğa ciddi əməl edilməsi, vətəndaş-məmur münasibətlərinə böyük diqqət verilməsi, məhkəmələrdə ictimai nəzarətin genişləndirilməsi və nəticələrinin ictimailəşdirilməsi, İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun hakimlər tərəfindən öyrənilməsi və tətbiq edilməsi, peşəkarlığın artırılması, əmək və icra intizamının möhkəmləndirilməsi, vətəndaşların müraciətlərinə yüksək həssaslıqla və qayğı ilə yanaşılması, korrupsiya hüquqpozmalarına yol verilməməsi vətəndaşların hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli təmin olunmalıdır.

Ədalətli mühakimə hüququnun tərkib hissələrindən biri də məhkəmə qərarlarının icra edilməsidir. 2017-ci ildə məhkəmə qərarlarının icrası ilə bağlı Müvəkkilin ünvanına 1.429, o cümlədən aliment tələbinə dair 472 müraciət daxil olmuşdur. Həmin müraciətlərdə məhkəmə qərarlarının icra edilməməsi və ya uzun müddət icrasız qalması, işin icrası zamanı laqeydliyə, səhlənkarlığa və süründürməçiliyə yol verilməsi, icra məmurları tərəfindən vətəndaşlarla münasibətdə etik davranış qaydalarının pozulması kimi hallar öz əksini tapmışdır. Yeri gəlmişkən, bir sıra icra qurumlarının fəaliyyətində aşkar olunmuş ciddi nöqsanlar nəzərə alınaraq, Ədliyyə Nazirliyi üzrə müvafiq əmrlərə əsasən 5 nəfər tutduğu vəzifədən azad olunmuşdur.
Şikayətlər üzrə araşdırmalar nəticəsində bir sıra hallarda aliment üzrə borcların tam və ya qismən ödənilməsi təmin edilsə də, belə qərarlar üzrə icra işləri artmaqda davam etsə də, borcun, o cümlədən alimentin vaxtında ödənilməməsi, ödənişdən boyun qaçırılması və ya yubadılması xüsusi narahatlıq doğurmaqdadır.
Borclunun əmək qabiliyyətinin olmaması, işləməməsi, rəsmi iş yerinin, habelə tələbin yönəldilə biləcəyi əmlakının və digər gəlirlərinin olmaması, pensiya (müavinət) almaması və ya məbləğinin az olması, stasionarda məcburi və ya ümumi səbəbdən ağır xəstəliklə əlaqədar müalicədə olması,  cəzaçəkmə müəssisəsində cəza çəkməsi, daimi yaşayış yerinin olmaması və ya sərgərdən həyat keçirməsi, borcu ödəməkdən yayınması və gizlənməsi, ölkənin hüdudlarını tərk etməsi, həmçinin əlillliyi olan şəxslərin pensiya və ya müavinətinin az olması səbəbindən yaranmış aliment borcunun ödənilməsi mümkün olmur.
Borclulara münasibətdə inzibati qaydada xəbərdarlıq edilmə, məcburi gətirilmə, cərimə, inzibati qaydada həbs, ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılması kimi qərarların qəbul olunduğu, hətta barələrində dövlətlərarası axtarış elan edildiyi, cinayət məsuliyyətinə cəlb olunduğu və ya ərazisində müvəqqəti olduğu, yaxud da məskunlaşdığı dövlətin səlahiyyətli orqanlarına müraciətlər edildiyi hallar da demək olar ki, nəticəsiz qalmaqdadır.
Bir çox hallarda tələbkarın Müvəkkilə şikayəti əsasında aparılmış araşdırma prosesində alimentin ödənilməsi bərpa edilsə də, 2-3 aydan sonra ödəniş dayandırılmışdır ki, bu da təkrar şikayətlərə, müxtəlif vaxt və vəsait tələb edən tədbirlərə səbəb olmuşdur.
Borcunu ödəməyən və ya ödəmək iqtidarında olmayan şəxsə münasibətdə məhkəmə tərəfindən cərimə cəzasının tətbiq edilməsi də vəziyyəti daha da çətinləşdirir. Bəzən müvafiq cərimə məbləğinin aliment üzrə bir neçə aylıq borcun ödənilməsinə kifayət etdiyi nəzərə alınsa, belə qərarların hansı məntiq əsasında verildiyi anlaşılan deyildir. İnzibati qaydada həbs və cəmiyyətdən təcridetmə də problemin həllində səmərəli olmur.
Belə ki, işsiz borclular tərəfindən alimentin ödənilməsinə dəstək verilməsi üçün məşğulluq orqanlarının imkanlarından geniş istifadə olunmalı, borclu şəxslərin məşğulluğu ilk növbədə təmin edilməlidir.
Qeyd edilən problemlərin həlli, həmçinin tənha ana və uşaqların hüquqlarının təmin edilməsi məqsədilə dövlətin səlahiyyətli qurumlarının məsələyə birbaşa müdaxiləsi vacibdir.
Ümumiyyətlə, aliment borcları üzrə məcburi ödəniş mexanizmi hazırlanmalı və tətbiq edilməlidir. Mövcud vəziyyət, habelə rəsmi nikahda olmayan və ya natamam ailələrin, boşanmaların və baxımsız uşaqların sayının artması göstərir ki, Müvəkkilin illik məruzələrində və aidiyyəti qurumlara müraciətlərində öz əksini tapmış “Aliment fondu”nun yaradılması təklifi artıq qaçılmaz zərurətdir.
Məcburi köçkünlərin məskunlaşdığı, digər şəxslərin xüsusi mülkiyyətində olan, habelə artıq orderləşdirilmiş mənzillərdən çıxarılması ilə bağlı məhkəmə qərarlarının icrasının təmin edilməsi, həmçinin sosial obyektlərin təyinatı üzrə istifadəsi üçün onların başqa mənzillərə köçürülməsi işi sürətləndirilməlidir.
Müvəkkilin müdaxiləsi nəticəsində bir sıra digər tələblərə dair məhkəmə qərarları da təmin edilmiş, bununla yanaşı, borclu qismində cəlb edilmiş bəzi dövlət qurumları tərəfindən qərarların icra edilməməsi və ya icrasının gecikdirilməsi vətəndaşların haqlı narazılıqlarına səbəb olmuşdur.
Məhkəmə qərarlarının qanunla müəyyən edilmiş qaydada və vaxtında icra edilməsi məqsədilə icra məmurlarının peşəkarlığının və məsuliyyətinin artırılması, icra intizamına və vətəndaşlarla münasibətdə müəyyən edilmiş davranış qaydalarına riayət edilməsi, süründürməçilik hallarına yol verilməməsi üzrə tədbirlərin davam etdirilməsi vacibdir.

Hüquqi yardım almaq hüququ. Keyfiyyətli hüquqi yardımın, habelə peşəkar, humanist və vicdanlı hüquqşünaslardan təşkil edilmiş vəkillik institutunun əhəmiyyəti danılmazdır. Respublikamızda aparılan hüquqi islahatların tərkib hissəsi kimi ixtisaslaşmış hüquqi yardımın əhali üçün əlçatanlığının təmin edilməsi zəruridir. Bununla belə, vəkillərin sayının zəruri səviyyədə olmaması istər keyfiyyətli hüquqi yardım almaq, istərsə də ədalətli mühakimə hüququnun səmərəli təmin edilməsinə imkan vermir.
“Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 yanvar tarixli Fərmanına əsasən, yeni məhkəmələrin yaradılmasını nəzərə alaraq, vəkillərin sayının artırılması məsələsinə baxılması və regionlarda əhaliyə göstərilən hüquqi yardımın səmərəliliyinin artırılması üçün tədbirlər görülməsi Vəkillər Kollegiyasına tövsiyə edilsə də, ölkəmizdə vəkil xidmətlərinin əlçatanlığı və ondan səmərəli istifadə etmək imkanları təmin edilməmişdir.
Maddi imkanı olmayan şəxslərin hüquqi yardım almaq hüququnun təmin olunması ədalətli mühakimənin təmin edilməsinə xidmət edir.
“Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli, 31 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 2 manat məbləğində müəyyən edilmişdir.
Qeyd edilənləri nəzərə alaraq, Müvəkkil hüquqi yardımın səmərəliliyini artırmaq məqsədilə Nazirlər Kabinetinin müvafiq qərarında göstərilmiş məbləğin artırılmasını bir daha təklif edir.
Ötən dövrlərdə müraciətlərdə bəzi vəkillərin öz peşələrinə məsuliyyətsiz yanaşdığı, hətta ödəniş qarşılığında belə hüquqi yardım göstərdiyi şəxsin müdafiəsinə biganə, səhlənkar və məsuliyyətsiz münasibət göstərdiyi, qarşı tərəfə işlədiyi və ya məlumatlar ötürdüyü, habelə məhkəmə prosesində müdafiəçi deyil, daha çox vasitəçi rolunda çıxış etdiyi hallar da öz əksini tapmışdır ki, bu da yolverilməz hal olmaqla, hüquqi yardım almaq hüququndan istifadə edən şəxsin hüquqlarının kobud qaydada pozulması ilə yanaşı, vəkilliyin adına böyük ləkədir. Hüquq-mühafizə orqanları və məhkəmə hakimiyyəti tərəfindən təhqiqatın, istintaqın və ya prosesin zəruri və tamhüquqlu iştirakçısı kimi vəkillərə münasibətin hələ də yetərincə formalaşmamasının səbəblərindən biri də məhz qeyd edilən hallardır.
Zorakılığa məruz qalmış şəxslərə hüquqi yardım göstərilməsi, bu istiqamətlərdə müvafiq hüquqi mexanizmin hazırlanıb tətbiq edilməsi zəruridir.
Qeyd edilənlərlə yanaşı, aztəminatlı ailələrdən olan ehtiyaclı vətəndaşların imkanları nəzərə alınmaqla, regionlarda dövlət büdcəsi hesabına müntəzəm xidmət göstərən hüquq məsləhətxanalarının yaradılması üçün maliyyə vəsaitinin ayrılması məqsədəuyğundur. Bu məsələnin həlli insan hüquqlarının təmin olunmasına, hüquq pozuntularının və məmur özbaşınalığının qarşısının alınmasına imkan yaradardı.
Vətəndaşlara müxtəlif növ hüquqi yardımlar etmək bacarığına malik olan ixtisaslaşmış vəkillərə və bu məqsədlə inkişaf etmiş digər ölkələrdə də olduğu kimi vəkillərin ixtisaslaşmasına böyük ehtiyac vardır. Odur ki, hüquqi yardım almaq hüququ ilə yanaşı, bütün digər hüquqların da təmin olunmasında mühüm əhəmiyyət daşıyan vəkillik institututunun fəaliyyətinin təkmilləşdirilməsinə və ölkəmizin muasir inkişaf səviyyəsinə uyğunlaşdırılmasına ehtiyac vardır.

İnsan hüquqlarının müdafiəsi sahəsində hüquq-mühafizə orqanları ilə əməkdaşlıq.
Prokurorluq orqanları ilə əməkdaşlıq. İnsan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi, ibtidai araşdırmaya prosessual rəhbərliyin səmərəliliyinin artırılması, cinayətkarlığa qarşı mübarizə, dövlət ittihamının müdafiəsi sahəsində işin səmərəli təşkili üzrə ardıcıl tədbirlər həyata keçirən prokurorluq orqanlarının fəaliyyəti Azərbaycan Respublikası Baş Prokurorluğunun rəhbərliyi altında davamlı olaraq təkmilləşdirilməkdədir.
Cinayət mühakimə icraatı zamanı insan hüquq və azadlıqlarının daha etibarlı təmin edilməsi, cinayət təqibi ilə bağlı fəaliyyətin səmərəliliyinin artırılması, cinayət prosesi iştirakçılarının hüquq və qanuni mənafelərinin, o cümlədən azadlıq və toxunulmazlıq, habelə ədalətli məhkəmə araşdırması hüquqlarının “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının tələblərinə uyğun şəkildə reallaşdırılmasının təmin edilməsi məqsədilə Baş Prokurorluq tərəfindən davamlı tədbirlər həyata keçirilmişdir.
Prokurorluq orqanlarına qəbul olunan işçilərdə insan hüquq və azadlıqlarına hörmətlə yanaşmanın vərdiş halına salınmasına, prokurorluq işçiləri tərəfindən bu hüquqların ətraflı və dərindən öyrənilməsinə, xidməti vəzifələrin tələb olunan səviyyədə yerinə yetirilməsinə xidmət edən tədbirlər, habelə əməkdaşların nəzəri bilik və peşə hazırlığı səviyyəsinin yoxlanılması məqsədilə hazırlanan test bankına, eyni zamanda İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququndan və insan hüquqları sahəsində dövlətimizin tərəfdar çıxdığı beynəlxalq konvensiyalardan ibarət tapşırıqların daxil edilməsi və imtahanının keçirilməsi təqdirəlayiqdir.
Qeyd edilənlərlə yanaşı, 2017-ci ildə Baş Prokurorluq tərəfindən aparılmış xidməti yoxlamaların nəticəsi üzrə müxtəlif nöqsan və çatışmazlıqlara yol verdiklərinə görə 27 nəfər prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilmişdir. Bununla yanaşı, Respublika Hərbi Prokurorluğu tərəfindən aparılmış xidməti yoxlamaların nəticələrinə görə xidməti fəaliyyətlərində qanun pozuntusuna və nöqsanlara yol vermiş 13 əməkdaş intizam məsuliyyətinə cəlb olunmuşdur.
Prokurorluq orqanları ilə bağlı 2017-ci ildə Müvəkkilin ünvanına 510 müraciət daxil olmuşdur. Həmin müraciətlərin bir çoxu Baş Prokurorluq ilə səmərəli əməkdaşlıqda araşdırılmış, pozulmuş insan hüquqlarının bərpası istiqamətində zəruri tədbirlər görülmüşdür.
Təhqiqatın və ya istintaqın xüsusilə polis orqanlarında qeyri-obyektiv aparılmasına dair daxil olmuş bir sıra şikayətlər üzrə də Müvəkkilin Baş Prokurorluğa müraciətləri ilə bağlı müvafiq yoxlamalar aparılmış, nöqsanların aşkar edildiyi hallarda, habelə vətəndaşların öz müraciətlərində göstərdikləri xüsusatların hərtərəfli və obyektiv araşdırılması üçün zəruri hallarda müvafiq qərarlar ləğv edilmiş, yaxud da aidiyyəti üzrə əməliyyat tapşırıqları və göstərişlər verilərək istintaq və ya təhqiqat orqanlarına qaytarılmışdır.
Bir sıra şikayətlərdə müvafiq cinayət işi tələb edilərək öyrənilmiş, işin halları nəzərə alınaraq, habelə sübutların qiymətləndirilməsindən sonra törədilmiş cinayət əməli Cinayət Məcəlləsinin bir maddəsindən digər maddəsinə tövsif edilmişdir. Bəzi müraciətlər üzrə aparılmış araşdırmalar nəticəsində isə istintaq aidiyyəti dəyişdirilmişdir.
Qeyd edilməlidir ki, prokurorun ibtidai araşdırmaya prosessual rəhbərliyinin səmərəliliyinin artırılması, təhqiqat və istintaq üzərində nəzarətinin gücləndirilməsi və bu sahədə işin daha da təkmilləşdirilməsi üzrə tədbirlər daha da gücləndirilmişdir.
İnsan hüquqlarının və azadlıqlarının səmərəli təmin edilməsi istiqamətində Müvəkkilin prokurorluq orqanları ilə qarşılıqlı əməkdaşlığının genişləndirilməsi nəticə etibarilə vətəndaşların qanuni maraqlarının müdafiəsinə xidmət etməkdədir.

Daxili işlər orqanları ilə əməkdaşlıq. Ölkədə ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətlərin qarşısının alınması və açılması sahəsində qanunla müəyyən edilmiş vəzifələri həyata keçirən Daxili İşlər Nazirliyi ilə insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi istiqamətində əməkdaşlıq səmərəli olmuşdur.
Respublikamızın şəhər və rayonlarında keçirilən görüş və qəbullar, habelə əhalinin maarifləndirilməsi üzrə təşkil olunan tədbirlər çərçivəsində, müvəqqəti saxlama yerlərinə baxışlar zamanı polis əməkdaşları ilə görüşlər keçirilmiş, maarifləndirmə işi aparılmış, insan hüquq və azadlıqlarının təmin olunmasına xüsusi diqqət yetirilməsinin vacibliyi, vətəndaşlarla qeyri-etik davranışın və kobudluğun yolverilməzliyi diqqətə çatdırılmışdır.
Müvəkkilin Daxili İşlər Nazirliyinin Polis Akademiyası ilə əməkdaşlığı çərçivəsində “Azərbaycan Respublikasında insan hüquqlarının təminatı sahəsində həyata keçirilən dövlət siyasəti” mövzusunda keçirilmiş tədbirdəki müzakirələr, “İnsan hüquqlarının müdafiə mexanizmləri” mövzusunda müdavimlər üçün oxunmuş mühazirələr əhəmiyyətli olmuş, 2017-ci il 10 fevral tarixli sərəncamın insan hüquqlarının effektiv təmini baxımından həyata keçirilən islahatlar prosesində yeni mərhələ olduğu qeyd edilmiş, cinayət təqibi və cəza icra siyasətinin humanistləşdirilməsi sahəsində mövcud təcrübə və çətinliklərlə bağlı müddəaları, habelə yalnız son zərurət kimi şəxsin cəmiyyətdən təcrid edilməsi təcrübəsindən istifadə edilməsi üzrə mülahizələr diqqətə çatdırılmışdır.
Daxili işlər orqanları ilə bağlı 2017-ci ildə Müvəkkilin ünvanına 2.481 müraciət daxil olmuşdur. Müraciətlərdə, əsasən, polis orqanlarının təhqiqat və istintaq bölmələrində ibtidai araşdırmanın və ya istintaqın qeyri-obyektiv, qərəzli və ləng aparılması, qəbul edilmiş prosessual qərarın surətinin verilməməsi, müraciətlərin nəticəsiz qalması və ya müraciətlərə baxılmasında süründürməçiliyə yol verilməsi polis əməkdaşlarının vətəndaşlarla münasibətdə kobud rəftara yol verməsi bildirilmişdir. Həmin müraciətlərlə bağlı daxili işlər orqanlarına müvafiq sorğular göndərilmiş, araşdırmalar aparılmışdır.
Müvəkkilin müraciətinə əsasən aparılmış araşdırmalar zamanı qanun pozuntularına və polisin nüfuzuna xələl gətirən hərəkətlərə yol vermiş, vətəndaşlarla münasibətdə etik davranış qaydalarına əməl etməyən, o cümlədən "Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi"nin tələblərini pozmuş, vətəndaşlara hörmətsizlik nümayiş etdirmiş, xidməti səlahiyyətlərini aşmış polis əməkdaşlarına, o cümlədən sürücülərlə münasibətdə etik normaları pozan və nöqsanlara yol verən əməkdaşlara qarşı intizam cəzaları da tətbiq edilmiş, mövcud sahədə işin təkmilləşdirilməsi ilə bağlı tədbirlər görülmüşdür.
Daxili İşlər Nazirliyinin məlumatına əsasən, 2017-ci ildə polisə gətirmə, saxlanılma və məsuliyyət tədbirlərinin tətbiqi prosesində qanunçuluğa ciddi riayət olunması, insan hüquq və azadlıqlarının təmin edilməsi kimi vacib məsələlər diqqət mərkəzində saxlanılmış, daxili nəzarət çərçivəsində aşkarlanmış 312 fakt üzrə (90-ı vətəndaşlarla kobud rəftar, 88-i polisə əsassız gətirmə və saxlama, 74-ü sürücülərin hüquqlarının pozulması, 11-i əsassız cinayət məsuliyyətinə cəlb etmə, 4-ü əcnəbilərin və vətəndaşlığı olmayanların hüquqlarının pozulması, 45-i digər hallar) 414 əməkdaş intizam qaydasında cəzalandırılmışdır. Onlardan 26-sı daxili işlər orqanlarında xidmətdən xaric olunmuş, 40-ı tutduğu vəzifədən azad edilmiş, 348 əməkdaş barəsində digər tənbeh tədbirləri görülmüşdür.
Bir sıra hallarda polis orqanlarının müvafiq vəzifəli şəxsləri tərəfindən əsassız olaraq cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya icraata xitam verilməsi haqqında qərarların qəbul edilməsi kimi hallar müəyyən edilmişdir.
Müvəkkilin prokurorluq orqanlarına müraciətindən sonra aparılmış araşdırmalar zamanı bir sıra hallarda vətəndaşların şikayətləri üzrə toplanmış materialın tam, hərtərəfli və obyektiv araşdırılmadan cinayət işinin başlanmasının rədd edilməsi haqqında əsassız qərarın qəbul edildiyi müəyyən edilmiş, müvafiq prokurorluq tərəfindən ləğv edilərək əlavə araşdırma aparılması üçün təhqiqat orqanına göndərilmişdir.
Təhqiqatçı və müstəntiq törədilmiş və ya hazırlanan cinayətlərə dair daxil olmuş ərizə və digər məlumatlara baxmalı, kifayət qədər səbəblər və əsaslar olduqda cinayət işi başlamalıdır. Bir sıra hallarda Müvəkkilin prokurorluğa müraciətindən sonra material öyrənilmiş, öyrənilməsi və müzakirə edilməsi üçün toplanılmış material istintaq orqanına göndərilmiş və cinayət işi başlanılmışdır.
Şikayətlərdə göstərilmiş halların yoxlanılması məqsədilə Müvəkkilin prokurorluq orqanlarına müraciəti zamanı cinayət işi üzrə qəbul edilmiş qərarın əsaslığı öyrənilərkən bəzən əlavə istintaq zamanı müstəntiq tərəfindən iş üzrə qəbul edilmiş müvafiq qərarda olan göstərişlərin tam icra olunmadığı müəyyən edildiyindən işin icraatına xitam verilməsi barədə müvafiq qərarlar ləğv olunaraq cinayət işi əlavə istintaq aparılması üçün istintaq orqanına qaytarılmışdır.
Bəzən şikayətlər üzrə araşdırmalar zamanı cinayət işləri üzrə icraatın dayandırılması barədə qərarlar ləğv edilmiş, digər hallarda təqsirləndirilən şəxsin əməlləri Cinayət Məcəlləsinin digər maddələrinə tövsif edilmişdir.
Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Müvəkkilin ünvanına daxil olmuş müraciətlərdə vətəndaşlar yol patrul xidmətinin əməkdaşları tərəfindən təhqirə və kobud davranışa məruz qaldıqlarını, qanunsuz olaraq saxlanıldıqlarını, sənədlərinin qaytarılması və ya cərimənin tətbiq edilməməsi üçün pul tələb olunduğunu, əsassız cərimə olunduqlarını və inzibati xəta haqqında protokol tərtib edildiyini, müraciətlərə cavab verilmədiyini, baş vermiş yol-nəqliyyat hadisəsinin qeyri-obyektiv araşdırıldığını bildirmişlər.
Şikayətlər üzrə Müvəkkil tərəfindən müvafiq araşdırmalar aparılmış və qanunauyğun tədbirlər görülmüş, sürücülərlə münasibətdə etik davranış normalarını pozan və nöqsanlara yol verən Dövlət Yol Polisi əməkdaşlarına qarşı intizam cəzaları tətbiq edilmiş, mövcud sahədə işin təkmilləşdirilməsi ilə bağlı tədbirlər görülmüşdür.
Müraciətlərin təhlili bu sahədə mövcud olan bəzi problemlərin qarşısının alınması istiqamətində təsirli tədbirlər görülməsini tələb edir.
Polis əməkdaşları üçün etik davranış qaydalarına əsaslanan təlimlərin keçirilməsi, yol hərəkətinin təhlükəsizliyi sahəsində hüquqpozmaların qarşısının alınması, yol qəzalarının azaldılması məqsədilə planlı kompleks tədbirlərin həyata keçirilməsi tövsiyə olunur.

1.2.  İqtisadi və sosial hüquqların müdafiəsi

Əmək hüququ. Əmək münasibətləri iştirakçılarının qanuni mənafelərinin qorunması istiqamətində tədbirlər davam etdirilmişdir.
Əmək hüquqlarının səmərəli təmin edilməsi istiqamətində həyata keçirilmiş tədbirlər vətəndaşların fərdi və ictimai rifahının inkişafına, həmçinin mövcud sahədə yol verilən qanun pozuntularının getdikcə aradan qaldırılmasına xidmət etmişdir.
Müvəkkil əvvəlki illik məruzələrində əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır işlərdə, o cümlədən tikinti sektorunda çalışan insanların əməyinin mühafizəsinə yönəlmiş tədbirlərə nəzarət mexanizminin hazırlanmasını və tətbiq edilməsini də təklif etmişdir. Bu mənada “Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 28 aprel tarixli, 1349 saylı Sərəncamı ilə ilkin mərhələdə pilot layihə olaraq Bakı şəhərində tikinti sektorunda qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı bir sıra tədbirlərin görülməsinin qərara alınması vətəndaşların əmək və digər əlaqəli hüquqlarının qorunması baxımından əhəmiyyətlidir. Bir sıra vəzifələrin həyata keçirilməsi, o cümlədən əmək müqaviləsi olmadan işə cəlb olunan şəxslərin müəyyən edilməsi, qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması sahəsində monitorinqin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi yaradılmışdır ki, bu da böyük önəm daşıyır.
Əmək hüquqları ilə bağlı Müvəkkilin ünvanına 2017-ci ildə 896 müraciət daxil olmuşdur. Həmin müraciətlərdə qanun pozuntusu ilə işdən azadetmə və ya işdən çıxmağa məcburetmə, əmək haqqının və son haqq-hesabın ödənilməməsi, işə bərpadan və istehsalatda alınmış xəsarətə görə dəymiş zərərin ödənilməsindən imtina, əmək müqaviləsinin bağlanılması və ona xitam verilməsi zamanı qanunvericiliyin tələblərinə əməl edilməməsi, ezamiyyət üzrə ödəmələrin aparılmaması, işdən azad edilərkən əmək kitabçasının və əmrin surətinin verilməməsi kimi hallar öz əksini tapmışdır.
Əmək müqaviləsinə yalnız Əmək Məcəlləsi ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Digər tərəfdən, əmək müqaviləsinə xitam verildiyi hallarda işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) sonuncu iş günü işçiyə verilməlidir.
Müvəkkilin həyata keçirdiyi tədbirlər, o cümlədən aparılmış araşdırmalar nəticəsində bir sıra hallarda işçilərin pozulmuş hüquqlarının bərpasına nail olunmuşdur.
Müraciətlərin təhlilinə əsasən, Müvəkkil əmək müqaviləsi bağlanılmadan işə cəlb etmə hallarının və qeyri-rəsmi məşğulluğun qarşısının alınması üçün işəgötürənlər (müəssisələr) tərəfindən işçilərə görə ödənilən sosial ödəniş faizinin aşağı salınması, habelə birdəfəlik ödənişlər yolu ilə güzəştlərin tətbiqi məqsədilə müvafiq qanunvericlik aktlarının təkmilləşdirilməsini təklif edir.
Ödəmə qabiliyyətini itirmiş özəl müəssisələr tərəfindən işçilərə əmək haqları üzrə borcların ödənilməməsi də əmək hüquqlarının pozulmasına səbəb olan ciddi problemlərdəndir. Odur ki, müəssisənin ödəmə qabiliyyəti olmadıqda işçilərə ödənclərin verilməsi məqsədi ilə müvafiq təminat sisteminin yaradılmasına və bununla bağlı zəruri mexanizmlərin hazırlanmasına ehtiyac vardır.
2004-cü il 6 yanvar tarixində ölkəmiz tərəfindən müvafiq bəyanatlarla təsdiq edilmiş 1996-cı il 3 may tarixli “Dəyişdirilmiş Avropa Sosial Xartiyası”nın 2-ci (ədalətli əmək şəraiti hüququ), 3-cü (təhlükəsiz və sağlam əmək şəraiti hüququ), 10-cu (peşə hazırlığı hüququ), 13-cü (sosial və tibbi yardım hüququ), 15-ci (əlil şəxslərin müstəqillik, sosal inteqrasiya və ictimai həyatda iştirak etmək hüququ), 17-ci (uşaqların və gənclərin sosial, hüquqi və iqtisadi müdafiə hüququ), 19-cu (əmək miqrantlarının və onların ailələrinin müdafiə və yardım hüququ), 23-cü (ahıl yaşlı şəxslərin sosial müdafiə hüququ), 30-cu (yoxsulluq və sosial təcridolunmadan müdafiə hüququ) və 31-ci (yaşamaq yeri hüququ) maddələrinin Azərbaycan Respublikası tərəfindən tədricən ratifikasiya edilməsini bir daha təklif edir.
Əmək Məcəlləsinin 10-1.2-ci maddəsinə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Lakin həmin müddət bəzən işəgötürənlər tərəfindən subyektiv yanaşmaya, əsassız tələblərə və sui-istifadə hallarına səbəb olur. Odur ki, qeyd edilən müddətin azı 2 il müəyyən edilməsi və bununla bağlı müvafiq məcəlləyə dəyişiklik edilməsi məqsədəuyğundur.
Əmək şəraitinin və əməyin təşkilinin müəyyən edilmiş tələblərə uyğun gəlməməsi nəticəsində peşə xəstəlikləri, əmək zədələri və insan ölümü halları baş vermişdir. Bəzi işəgötürənlər tərəfindən əməyin mühafizəsi qaydalarına riyaət edilməməsinin nəticəsində istehsalatda baş verən xəsarətlərin sayı azalmır. Belə ki, 2017-ci ildə istehsalatla əlaqəli sayılmış 151 bədbəxt hadisədən 11-i qrup halında baş vermiş, nəticədə 61 nəfər həyatını itirmiş, 121 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti almışdır.
Bir çox hallarda müəssisə rəhbərlərinin, xüsusilə tikinti şirkətlərinin qanunvericiliyin tələblərinə əməl etməməsi işçilərin bəzi təminatlardan istifadəsinə imkan vermir. Tikinti sektorunda baş vermiş 36 bədbəxt hadisə zamanı 17 nəfər ölmüş, 24 nəfər xəsarət almışdır.
Qeyd edilənlər onu deməyə əsas verir ki, işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu daha səmərəli təmin etmək məqsədilə qanunvericilikdə, habelə kollektiv müqavilə və sazişlərdə, habelə əmək müqavilələrində nəzərdə tutulan texniki təhlükəsizlik, sanitariya, gigiyena, müalicə-profilaktika tədbirləri və normaları sisteminin davamlı şəkildə təkmilləşdirilməsinə ehtiyac vardır.
İşsizliyin azaldılması və əhalinin məşğulluğunun təmin edilməsi sahəsində dövlətimiz tərəfindən ciddi tədbirlər görülmüş və bu hazırda davam etdirilməkdədir. Ölkədə makroiqtisadi göstəricilərin dinamikasında müşahidə olunan sabit artım tempi iqtisadiyyatın sosial yönümlü inkişafının təmin edilməsi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, yeni iş yerlərinin yaradılması və məşğulluğun inkişaf etdirilməsi üçün əlverişli şərait yaratmışdır.
Məşğulluğun təmin edilməsi və işsizliyin azaldılması üzrə aparılmış tədbirlər nəticəsində 2017-ci ildə 221 min yeni, o cümlədən 177 min daimi iş yeri açılmışdır.
Məşğul əhalinin sayı ilə bağlı rəsmi statistika qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyata alınmış hüquqi şəxslərin və təsərrüfat subyektlərinin təqdim etdiyi məlumatlara əsasən formalaşdırılır. Lakin bir çox orta və kiçik sahibkarlıq subyektlərində, o cümlədən biznes və ticarət obyektlərində, xüsusilə xidmət sektorunda və mövsümi işlərdə çalışan vətəndaşlar haqqında məlumatlar olduğu kimi təqdim edilmir. Buna səbəb isə həmin işçilərin əmək qanunvericiliyin tələblərinə zidd olaraq, əmək müqaviləsi bağlanılmadan işə cəlb edilməsidir. Nəticə etibarilə, bir tərəfdən, işəgötürənlər vergiyə və dövlət sosial müdafiə fonduna ödəmələrdən yayınır, digər tərəfdən də əmək müqaviləsi bağlamadan faktiki əmək sərf edən işçilərin əmək və sosial təminat hüquqları pozulur.
Vətəndaşların əmək münasibətləri rəsmiləşdirilmədən, yəni qanunla müəyyən edilmiş qaydada əmək müqaviləsi bağlanılmadan və əmək kitabçası açılmadan işə cəlb edilməsi təcrübəsi yayılmışdır. Bunun əsas səbəbləri həmin insanların öz hüquqlarını bilməməsi və ya iş yerindən məhrum olmamaq üçün öz hüquqlarını tələb etməkdən çəkinməsidir.
Qanunu pozmaqla vergiyə və dövlət sosial müdafiə fonduna ödəmələrdən yayınan işəgötürənlərin məsuliyyətə cəlb edilməsi, həm əmək müqaviləsi bağlamadan faktiki əmək sərf edən işçilərin əmək və sosial təminat hüquqlarının pozulmasının qarşısının alınması, həm də iş yerlərinin həqiqi sayının müəyyən edilməsi məqsədilə səlahiyyətli dövlət qurumları, xüsusilə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq xidmətləri bu istiqamətdə fəaliyyətini təkmilləşdirməli, üzərinə düşən vəzifələrin icrasına məsuliyyətlə yanaşmalıdır. Bununla da həm dövlət büdcəsinə külli miqdarda ödənişlərdən yayınmaların qarşısı alınar, həm də şəffaf əmək şəraiti təmin edilməklə və rəsmi əmək haqqı müəyyən olunmaqla vətəndaşların əmək sosial təminatı hüququ yetərincə və etibarlı təmin edilər.
Müraciətlərin təhlili göstərir ki, vətəndaşların məşğulluq orqanlarına müraciət etməsinin əsas səbəblərindən biri sırf hüquqi prosedurlara əməl etmək, o cümlədən ünvanlı dövlət yardımı almaq, bəzi hallarda müvafiq qurumlara arayışlar təqdim etmək niyyəti daşıyır. İşaxtaranların məşğulluq orqanlarına müraciət etməməsinin əsas səbəbi təklif edilən işə görə nəzərdə tutulmuş əmək haqqının az olmasıdır.
Ailə vəziyyəti və maddi durumu nəzərə alınmaqla, işə düzəlməkdə köməklik edilməsi ilə bağlı daxil olmuş müraciətlərə xüsusi diqqətlə yanaşılmış, bir sıra hallarda vətəndaşların işlə təmin edilməsinə nail olunmuşdur.
Bütövlükdə əmək hüquqlarının səmərəli təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər, o cümlədən yeni iqtisadi mexanizmlərin və texnologiyaların tətbiqi, texno və aqroparkların, modern sənaye sahələrinin, habelə kənd təsərrüfatı müəssisələrinin yaradılması, fermer və ailə-kəndli təsərrüfatlarının genişləndirilməsi vətəndaşların fərdi və ictimai rifahının inkişafına, həmçinin bu sahədə yol verilən qanun pozuntularının tədricən aradan qaldırılmasına xidmət edir.

Sosial təminat hüququ. Davam etməkdə olan sosial-iqtisadi islahatlar, o cümlədən sosial sahədə həyata keçirilən layihələr əhalinin rifah halının getdikcə yaxşılaşmasına, yoxsulluğun səviyyəsinin azalmasına yönəlmişdir.
Əhalinin aztəminatı təbəqələrindən olan və qayğıya daha çox ehtiyaclı qruplarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində zəruri tədbirlər görülməkdədir.
2018-ci il 1 yanvar tarixinə ölkədə 1 milyon 322 min 879 nəfər və ya ölkə əhalisinin 13,4%-i əmək pensiyası alır. Ölkə prezidentinin müvafiq sərəncamına əsasən, bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılması, habelə fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsi də həyata keçirilmişdir.
Ötən dövrlərdə Müvəkkil pensiya yaşı çatmış və pensiya təyin edilməsi üçün müraciət edən şəxslərə onların işlədikləri müəssisə tərəfindən sosial sığorta üzrə ödəmələrin həyata keçirilməməsi səbəbindən pensiya təyin edilməsindən imtina edildiyini, rəsmi və qeyri-rəsmi əmək haqqı cədvəllərindən istifadə olunduğunu, sərf edilmiş əməyin qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmiləşdirilməməsi nəticəsində müxtəlif sahələrdə və peşələrdə çalışan insanların gələcək sosial durumunun qanunvericiliklə müəyyən edilmiş təminat altına alınmadığını nəzərə alaraq, işləyən hər bir şəxsin əməyinin leqallaşdırılması və sosial sığorta ödənişinə cəlb edilməsi məqsədilə tədbirlər görülməsi üçün səlahiyyətli dövlət qurumlarına müraciətlər etmişdir.
Müvəkkilin qeyd edilən təklifləri aidiyyəti dövlət qurumları tərəfindən dəstəklənmiş, vergidən yayınmalara qarşı mübarizənin gücləndirilməsinə, əmək müqaviləsi olmadan fiziki şəxslərin işə götürülməsinə nəzarətin həyata keçirilməsi üzrə tədbirlərin görülməsinə dair müvafiq dövlət qurumlarına tapşırıqlar verilmişdir. Bu baxımdan, ölkədə işçilərin sosial müdafiəsinin daha da gücləndirilməsi, işəgötürən-işçi münasibətlərinin rəsmiləşdirilməsi, əməyin ödənişinin təşkilinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi və digər vəzifələrin təmin edilməsi məqsədilə ölkə Prezidentinin müvafiq sərəncamı ilə Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının yaradılması təqdirəlayiqdir.
Hər növbəti il üçün dövlət büdcəsi layihəsinin müzakirələrində və onun formalaşması prosesində Müvəkkil iştirak etmiş, əhalinin müxtəlif qruplarının sosial problemlərinin həll edilməsi üzrə məsələlərə insan hüquqlarının səmərəli təmini və etibarlı müdafiəsi baxımından təklif və tövsiyələr vermişdir.
Müvəkkilin əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində irəli sürdüyü bir çox təkliflər tədricən öz həllini tapmaqdadır. Əhalinin qayğıya ehtiyacı olan qruplarına sosial müavinətlərin təyin olunması və verilməsinin hüquqi əsaslarını tənzimləyən “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun əhalinin hüquqlarının müdafiəsi baxımından daim təkmilləşdirilməsi zəruridir.
2017-ci ildə sosial təminat hüququnun pozulması ilə bağlı Müvəkkilin ünvanına 1.069 müraciət daxil olmuşdur. Həmin müraciətlər pensiyaların yenidən hesablanması, sosial müavinətlərin , o cümlədən ünvanlı dövlət sosial yardımlarının təyini, əlilliyin müəyyən edilməsi ilə bağlı olmuşdur.
Müvəkkil tərəfindən müraciətin araşdırılması və təmin edilməsi istiqamətində bir sıra tədbirlər görülmüş, bu sahədə aşkar etdiyi nöqsanların aradan qaldırılmasına və pozulmuş hüquqların bərpasına bir çox hallarda nail olunmuşdur.
Bəzi şikayətlərdə təyin olunmuş pensiyanın düzgün hesablanmaması, o cümlədən pensiya hesablanarkən iş stajının müəyyən dövrünün nəzərə alınmaması, əmək pensiyasına əlavələrin hesablanmaması kimi hallar, habelə bu hüququn digər aspektləri ilə bağlı problemlər də öz əksini tapmışdır ki, Müvəkkilin müdaxiləsindən sonra məsələ öz həllini tapmışdır.
Ahıl şəxslərdən və yaşayış yeri olmayan vətəndaşlardan daxil olmuş müraciətlərə də xüsusi həssaslıqla yanaşılmış, yaşayış yeri olmayan kimsəsiz ahılların pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsinə və ya müvafiq sığınacağa yerləşdirilməsi ilə bağlı tədbirlər görülmüşdür.
Dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunlarının müraciətləri diqqətdə saxlanılmış, problemlərinin həlli üzrə tədbirlər görülmüşdür. 2017-ci ildə Dövlət Sosial Müdafiə Fondunun nəzdində olan "Məzun evi" Sosial Müəssisəsində 209 nəfər şəxs yaşamışdır.
“Məzun evi” Sosial Müəssisəsinin Nizamnaməsi qüvvəyə mindiyi günə kimi məzun olmuş şəxslərin də həmin müəssisəyə qəbulunun təmini məqsədilə Nazirlər Kabinetinin 2015-ci il 7 oktyabr tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün “Məzun evi” Sosial Müəssisəsinin Nizamnaməsi”nə müvafiq dəyişikliklərin edilməsi məqsədəuyğundur.
2018-ci ilin 1 yanvar tarixinə ünvanlı dövlət sosial yardımın bir ailəyə düşən orta aylıq məbləği 148.89 manat olmuşdur. Qeyri-neft sektorunun və sahibkarlıq fəaliyyətinin inkişafı, yeni iş yerlərinin yaradılması, əhalinin özünüməşğulluğunun təmin olunması məqsədi ilə 2017-ci ildə 1.281 ailə müvafiq proqrama cəlb olunmuşdur ki, onlardan da 1.152 nəfərə aktivlər təqdim olunmuşdur.
2017-ci ildə ünvanlı dövlət sosial yardımları ilə bağlı 684 müraciət  daxil olmuşdur. Həmin müraciətlər üzrə araşdırmalar aparılmış, hüquq pozuntusu aşkar edilmiş hallarda onların bərpasına nail olunmuşdur.
Qeyri-neft sektorunun və sahibkarlıq fəaliyyətinin inkişafı, yeni iş yerlərinin yaradılması məqsədi ilə müvafiq proqrama cəlb olunmuş ailələrə aktivlərin təqdim olunması təqdirəlayiqdir.
Müraciətdən əvvəlki son 12 ay ərzində orta aylıq gəliri qanunvericiliklə müəyyən edilmiş səbəblərdən, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanında işsiz kimi qeydə alınması səbəbindən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr ehtiyac meyarının məcmusu ilə orta aylıq gəlirinin arasındakı fərq məbləğində sosial yardım almaq hüququna malikdir. Odur ki, vətəndaşlar məşğulluq orqanlarında işsiz kimi qeydiyyata alınmaq üçün müraciət edərkən onlara ilk növbədə elə iş yerləri təklif edilir ki, bir çox hallarda əməkhaqqının az olması səbəbindən vətəndaşlar həmin təkliflərdən imtina etmək məcburiyyətində qalır. Nəticədə işsiz kimi qeydiyyata alınmayan şəxslər ünvanlı dövlət sosial yardımı almaqdan da məhrum olurlar.
Təhlillərdən görünür ki, məşğulluq orqanları tərəfindən vətəndaşlara təklif edilən iş yerləri əksər hallarda əməkhaqqı az, kənd rayonlarında isə həm də əsasən yaşayış yerindən uzaqda olur. Bu hallarda da vətəndaşlar təklifdən imtina etməklə ünvanlı yardım almaq hüququnu itirirlər. Göründüyü kimi, qanunvericiliyin bu tələbi əslində vətəndaşın sosial təminatından daha çox ondan formal imtinaya yönəlmişdir. Odur ki, əhalinin aztəminatlı hissəsinin böyük əksəriyyətinin həmin  yardımdan yararlanması məqsədi ilə zəruri tədbirlərin görülməsi, o cümlədən qanunvericiliyə yenidən baxılması və əhəmiyyətli şəkildə təkmilləşdirilməsi zəruridir.
Qeyd edilənlərlə yanaşı, bir sıra vətəndaşların ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə aidiyyəti orqanlara müraciətlərinin nəticəsiz qalması ilə bağlı şikayətləri üzrə yoxlamalar aparılmış və onların ailələrinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada iki il müddətinə ünvanlı sosial yardımın təyin olunması təmin edilmişdir.
Çətin həyat şəraitində olan uşaqlar və tənha qocalar üçün günərzi xidmət və reabilitasiya-inkişaf mərkəzlərinin yaradılmasına dəstəyin davam etdirilməsi məqsədilə maliyyə vəsaitinin ayrılması, icma əsaslı sosial reabilitasiya  xidmətləri göstərən mərkəzlərin daha çox rayonu əhatə etməsi üçün tədbirlərin görülməsi, onların əhatə dairəsinin genişlənməsi və davamlı olması zəruridir.
Sosial təminat hüququnun nəzəri-təcrübi aspektlərinin inkişaf etdirilməsi məqsədilə dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyəti təsisatları ilə əməkdaşlıq davam etdirilmişdir.
Sağlamlıq imkanları məhdud uşaqların vəziyyətinin öyrənilməsi, onların mövcud problemlərinin həlli istiqamətində aparılmış təhlil və araşdırmalar zamanı məlum olmuşdur ki, bir çox hallarda müvafiq uşaq müalicə-profilaktika müəssisələrində belə uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən edilməsi üçün tibbi-sosial ekspert komissiyalarına (TSEK) göndərişin verilməsində süni maneələr yaradılır. Sağlamlığında ciddi problemi olan 18 yaşadək uşaqlara müraciət olunduğu gündən 6 ay müddət tamam olmadan sağlamlıq imkanları məhdudluğunun müəyyən edilməsi məqsədilə uşaq müalicə-profilaktika müəssisələri tərəfindən göndərişlərin verilməsinə baxmayaraq, bir çox hallarda TSEK-lər uşaqlara sağlamlıq imkanları məhdudluğunun müəyyən edilməsindən imtina edirlər. Buna səbəb kimi xəstəlik müddətinin 6 aydan az olması göstərilir və  Nazirlər Kabinetinin 2016-cı il 30 mart tarixli, 140 saylı qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın tələbləri ilə əsaslandırılır.
Həmin Qaydaların 1.3.1-ci bəndində TSEK-ə göndəriş verilməsi üçün əsaslardan biri kimi təsbit edilmiş “şəxsin son 12 ay ərzində eyni xəstəliklə fasiləsiz və ya fasilələrlə ümumilikdə 6 aydan çox (vərəm xəstələri üçün 10 aydan) müalicədə olması və müalicə tədbirləri tam başa çatdıqdan sonra orqanizmin pozulmuş funksiyalarının bərpa olmaması, şəxsin əqli və ya fiziki qüsurları nəticəsində həyat fəaliyyətinin məhdudlaşması;” müddəası yalnız yaşı 18-dən yuxarı olan şəxslərə şamil olunduğuna görə, sağlamlıq imkanları məhdud 18 yaşadak uşaşqlara tətbiq edilməsi tamamilə əsassızdır. Odur ki, valideynlərdə ciddi narazılıq yaradan həmin məsələnin həlli zəruridir.

Sağlamlığın qorunması hüququ. Son illər ərzində əhaliyə yüksək səviyyəli xidmət göstərən 600-dən çox yeni tibb müəssisəsi inşa edilmiş və ya əsaslı təmir olunmuş, müasir tibbi avadanlıqlarla təchiz edilmiş, mürəkkəb əməliyyatların aparıldığı klinika və mərkəzlər, o cümlədən “Ürək Mərkəzi” istifadəyə verilmişdir.
Əhalinin sağlamlığına xüsusi qayğı ilə yanaşan ölkə Prezidentinin göstərişinə müvafiq olaraq, Səhiyyə Nazirliyi tərəfindən artıq bir neçə ildir ki, hər il dövlət hesabına əhalinin kütləvi şəkildə tibbi müayinələrdən keçirilməsi kampaniyası aparılmaqdadır. Ölkə Prezidentinin də dediyi kimi, “...sağlam millət, sağlam cəmiyyət, əlbəttə ki, hər bir ölkənin inkişafı üçün çox vacibdir!”
Əhalinin sağlamlığının qorunmasında və tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasında səhiyyənin prioritet sahələri üzrə qəbul olunan dövlət proqramları xüsusi əhəmiyyət daşımışdır. Həyata keçirilən bu islahatlar ölkədə səhiyyənin tamamilə yenidən qurulmasına, kadr potensialının gücləndirilməsinə, ixtisaslı mütəxəssislərin yetişdirilməsinə xidmət etməkdədir.
2017-ci ildə Müvəkkilin ünvanına sağlamlığın qorunması hüququ ilə bağlı 536 müraciət daxil olmuşdur. Həmin müraciətlərdə, əsasən, müalicə və müayinənin dövlət hesabına həyata keçirilməsi, dərman preparatlarının verilməsində köməklik göstərilməsi kimi məsələlərlə yanaşı, sağlamlıq hüququnun qorunmasının digər aspektləri ilə bağlı problemlər də öz əksini tapmışdır. Müraciət edənlər, əsas etibarilə, aztəminatlı ailələrdən olan vətəndaşlar olmuşdur. Hər bir müraciətə çevik reaksiya verilmiş, araşdırmalar aparılmış, bir çox hallarda məsələlər Səhiyyə Nazirliyi ilə əməkdaşlıqda öz həllini tapmışdır.
Maddi imkansızlıq səbəbindən dövlət hesabına müayinə və müalicə olunmasında  köməklik göstərilməsinə dair vətəndaşlardan daxil olan ərizələrlə bağlı Müvəkkilin Səhiyyə Nazirliyinə müraciətindən sonra həmin xəstələrin müayinə və müalicəsinin həyata keçirilməsi məqsədilə aidiyyəti səhiyyə orqanlarına, o cümlədən aparıcı və ixtisaslaşdırılmış klinikalara, habelə Bakı Şəhər Baş Səhiyyə İdarəsinə, şəhər səhiyyə idarələrinə və mərkəzi rayon xəstəxanalarına müvafiq tapşırıqlar verilmiş və tədbirlər görülmüşdür.
Səhiyyənin qarşısında duran ən çətin problemlərdən biri olan xroniki böyrək çatışmazlığından əziyyət çəkən insanların hemodializ müalicəsi də demək olar ki, artıq öz həllini tapmışdır. Respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən 43 mərkəzdə 3400-dən artıq xəstə hemodializ seansları və müvafiq dərman vasitələri ilə tam həcmdə pulsuz təmin olunurlar.
Şəkərli diabet xəstəliyi olan şəxslər dövlət hesabına insulin və digər şəkərsalıcı dərmanlarla, habelə qlükometrlə əsasən təmin edilirlər. Lakin müvafiq dərman preparatlarının növlərinin az olması dispanser qeydiyyatında olan şəxslərin tələbatını ödəmir.
Bir sıra xəstələrlə bağlı sənədlər müvafiq rəy verilməsi üçün Səhiyyə Nazirliyinin "Vətəndaşların respublikadan kənar müalicəyə göndərilməsi məsələləri üzrə komissiyası"na yönəldilmiş, 44 nəfər əlilliyi olan şəxs müalicəyə göndərilmişdir.
Zəruri hallarda bəzi vətəndaşların müraciətləri nəzərə alınaraq, onların tibbi sənədləri müvafiq xəstəliklər, o cümlədən uroloji, ürək və viruslu hepatit xəstəliklərinin müalicəsinin təşkili üzrə komissiyalara təqdim edilmişdir.
İnsan düşüncəsinə və sağlam həyat tərzinə mənfi təsir edən, yeniyetmə və gənclərin beynini zədələyən, ondan asılılıq yaradan, insanların sağlamlığına zərər vuran, onlara  mənəvi və psixoloji təsir edən, bir çox ağır xəstəliklərin yaranmasına və yayılmasına yol açan,  eyni zamanda yeniyetmə və gənclərin inkişafına və ailələrin dağılmasına gətirib çıxaran bu halın qarşısının alınması üçün təcili tədbirlərin görülməsi, eyni zamanda apteklərdə kampaniya xarakterli deyil, davamlı olaraq monitorinqlər keçirilməklə bu sahəyə nəzarətin, habelə aşkar edilmiş hallara qarşı mübarizənin gücləndirilməsi zəruridir.
Nazirlər Kabinetinin 2005-ci il 7 mart tarixli, 38 saylı Qərarının 2-ci bəndində nəzərdə tutulmuş və həmin nazirlik tərəfindən təsdiq edilmiş “Pulsuz dərman reseptləri əsasında verilən dərman preparatlarının siyahısı”nda müvafiq xəstəliklər üzrə müəyyən edilmiş dərman preparatlarının siyahısının genişləndirilməsinə, o cümlədən nadir təsadüf edilən xəstəliklər üzrə dərman preparatlarının əlavə edilməsinə, həmçinin psixonevroloji müəssisələrin binalarının yenidən qurulmasına və ya əsaslı təmir edilməsinə, müvafiq avadanlıqlarla və dərman preparatları ilə təmin olunmasına, orada çalışan personalın sosial müdafiəsinin gücləndirilməsinə ehtiyac vardır.
Əlillik dərəcələrinin təyin edilməsi ilə bağlı bəzən tibb müəssisələri tərəfindən tibbi sosial ekspert komissiyalarına göndərilən elektron göndərişlər qanunvericiliklə müəyyən edilmiş qaydada tam doldurulmur ki, bu da həmin TSEK-lər tərəfindən müvafiq göndərişlərdən imtina edilməsi ilə nəticələnir.
Müvəkkilin ünvanına həkim səhlənkarlığı və laqeyd münasibəti ilə bağlı daxil olmuş müraciətlər üzrə də araşdırmalar aparılmışdır. Yeri gəlmişkən, Səhiyyə Nazirliyinin rəsmi məlumatına əsasən, ümumilikdə 2017-ci il ərzində 66 tibb işçisi intizam məsuliyyətinə cəlb edilmişdir.
Bir sıra müraciətlərdə özəl tibb müəssisələrində müalicə və müayinənin təşkilində yol verilmiş ciddi pozuntular, qiymətlərin olduqca baha olması, müalicənin nəticəsiz qalması kimi hallar da öz əksini tapmışdır. Həkim-xəstə münasibətlərinə ciddi yanaşılmasını, xəstələrin, o cümlədən həkim müalicəsindən ziyan çəkən pasiyentlərin hüquqlarının təmin edilməsi üzrə yeni qanunvericilik aktlarının qəbul edilməsini, müalicə prosesində qarşılıqlı vəzifələri müəyyən edən müqaviləli sistemə keçidin sürətləndirilməsi zəruridir.
Səhiyyə sahəsində dövlət siyasətinin həyata keçirilməsi çərçivəsində görülmüş tədbirlər nəticəsində hemofiliyalı və talassemiyalı xəstələrə tibbi yardım təkmilləşdirilmiş, onların ömürlərinin uzadılması və həyat keyfiyyətinin yaxşılaşdırılmasına nail olunmuş, bu xəstəlikdən əlillik və ölüm halları azalmış, bu şəxslərin hüquqlarının müdafiəsi və sosial vəziyyətlərinin  yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılmışdır.
Dövlət tərəfindən qəbul edilmiş tədbirlər proqramlarının həyata keçirilməsi bu xəstələrin donor qanına və dəmirqovucu dərman preparatlarına ehtiyacının tam ödənilməsinə, onların sağlamlıq vəziyyətinin yaxşılaşmasına imkan yaratmışdır.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Respublika Talassemiya Mərkəzinin yaradılması nəticəsində bu xəstələrin müalicəsinin müasir səviyyədə təşkili mümkün olmuşdur. Həmin mərkəzdə talassemiyalı xəstələrin müalicəsinin müasir səviyyədə təşkili və nəticədə normal həyat fəaliyyətinin təmin olunması hesabına son 10 ildə talassemiyadan ölüm göstəricisi 5 dəfə azalmışdır.
Qan xəstəlikləri, o cümlədən hemofiliyalı, talassemiyalı xəstələr haqqında əhalinin maarifləndirilməsi, xəstəliyi törədən səbəblərin araşdırılması, bu xəstəlikdən əziyyət çəkənlərin erkən aşkar edilərək müalicəyə yönəldilməsi zəruridir. Müvəkkilin dövlət qurumları və QHT-lərlə əməkdaşlığı, habelə aidiyyəti qurumlara ünvanladığı təklif və tövsiyələrin icrası nəticəsində qan xəstəliklərindən əziyyət çəkən insanların bir sıra problemləri öz həllini tapmışdır.
Qan xəstəliklərinin erkən müayinə və müalicəsini təmin etmək üçün Azərbaycanda DNK səviyyəsində müayinələrin aparılması məqsədi ilə Tibbi-Genetik Laboratoriyanın yaradılmasına da ehtiyac vardır.
Autizm sindromlu uşaqların  məktəbəqədər, ibtidai və orta təhsil almaları üçün müvafiq təhsil müəssisələri, ixtisaslaşdırılmış reabilitasiya-inkişaf mərkəzləri, ixtisaslı və peşəkar kadrlar məhdud olduğundan, bu isə təlim-tərbiyə və reabilitasiya işinin təşkilindəki ciddi çətinliklər nəzərə alınaraq, bu qəbildən olan uşaqlar üçün müasir tipli reabilitasiya-inkişaf və tədris mərkəzlərini yaradılması vacibdir. Belə uşaqlarla davranış qaydalarının təbliği və onların reabilitasiyasında dünya təcrübəsinin öyrənilməsi belə uşaqların nəinki tibbi, həm də sosial və psixoloji problemlərinin həllində əhəmiyyətlidir.
Mövcud iqtisadi durumda əhalinin sağlam həyat tərzinin təbliğinin xüsusi prioritet təşkil etdiyini nəzərə alaraq, Müvəkkilin təşəbbüsü ilə ənənəvi olaraq keçirilən “İnsan Hüquqları Aylığı” çərçivəsində “Sağlamlığın qorunması hüququ” və “Narkotiksiz gələcək naminə” şüarı altında təşkil edilmiş maarifləndirmə tədbirlərində yerli idarə, təşkilat və müəssisələrin əməkdaşları, çoxsaylı gənclər və məktəb şagirdləri iştirak etmişlər.
Müvəkkil sağlamlığın mühafizəsi kimi məsələlər fonunda daim ərzaq təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlərin gücləndirilməsini təklif etmişdir. Bu baxımdan, Qida Təhlükəsizliyi Agentliyinin yaradılması qida təhlükəsizliyinin təmin edilməsi, vətəndaşların təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin olunması, qida məhsullarının təhlükəsizliyinə nəzarətin gücləndirilməsinə olan ümidləri artırır.
İçməli suyun insan sağlamlığında əvəzsiz əhəmiyyətini nəzərə alaraq, su təmizləyici qurğuların müntəzəm monitorinqinin aparılmasına da diqqət artırılmalıdır.

Təhsil hüququ. Təhsil sistemində aparılan islahatlar, müasir çağırışlara cavab verən struktur dəyişiklikləri, bu sahədə yeni layihələrin hazırlanması və tətbiqi kimi son illərdə həyata keçirilən tədbirlər təhsilin inkişafına böyük dəstək vermişdir.
“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na əsaslanan tədbirlər ölkəmizdə keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında aparıcı mövqe tutan, səriştəli müəllim və təhsilin idarə edilməsi üzrə mütəxəssislərə, qabaqcıl texnologiyalara əsaslanan infrastruktura malik təhsil sisteminin yaradılmasında özünü göstərməkdədir.
Təhsilin bütün pillələri üzrə kurikulumların inkişafını, inklüziv təlim metodologiyasının yaradılması, təhsilin keyfiyyətinin təminatı və idarə olunması üzrə yeni məlumat və hesabat sistemlərinin yaradılması, təhsil məsələləri üzrə məsləhət xidmətləri göstərən mərkəzlərin, müasir təminatlı peşə-tədris mərkəzlərinin və komplekslərinin qurulması, kampusların yaradılması, təhsili maliyyələşdirmə mexanizminin təkmilləşdirilməsi, ödənişli təhsil xidmətləri göstərilməsinin dəstəklənməsi təhsilin bütün mərhələlər üzrə inkişafına təkan verməkdədir.
Təhsilin inkişafında zəruri olan öncül vəzifələrin dəqiq müəyyən edilməsi, bütün səviyyələrdə təhsil müəssisələrinin idarə edilməsində müasir çağırışların nəzərə alınması, tələbələrin bir ali təhsil müəssisəsindən digərinə elektron köçürülməsinin tətbiqi, tədris prosesinin yeni əsaslarla qurulması, kadrların seçilməsi və saflaşdırılması üzrə tədbirlər, o cümlədən orta məktəb müəllimlərinin işə qəbulunun və bir yerdən başqa yerə köçürülməsinin, məktəb direktoru vəzifəsinə iddia edənlərin müsabiqə yolu ilə müəyyən edilməsi prosesinin elektronlaşdırılması, məktəb-valideyn əksəlaqəsinin təkmilləşdirilməsi, birinci siniflərə qəbulun elektron formada həyata keçirilməsi, təhsilin bütün səviyyələrində yeni qiymətləndirmə mexanizminin tətbiqi, universitetlərdə imtahan prosesində şəffaflığın təmin edilməsinə xidmət edən mexanizmlərin tətbiqi və “Sabah” qruplarının fəaliyyəti, bütün səviyyələrdə biliyin əsas meyara çevrilməsi, diplomların nostrifikasiyasının elektronlaşdırılması, bu kimi yollarla korrupsiyaya və rüşvətxorluğa imkan verən halların qarşısının alınması, informasiya-kommunikasiya texnologiyalarından istifadənin genişlənməsi, innovativ yeniliklərin tətbiqi, kəmiyyətin keyfiyyətlə əvəz edilməsi istiqamətində atılan qəti addımlar, peşə təhsilinin yenidən qurulması təhsil sahəsinin ən mühüm yeniliklərlərindən olmuşdur.
Təhsil hüququ ilə bağlı 346 müraciət daxil olmuş, Təhsil Nazirliyinə və aidiyyəti qurumlara müraciətlər edilmiş, araşdırmalar aparılmış, zəruri hallarda monitorinqlər həyata keçirilmiş, hüquq pozuntusu aşkar edidiyi hallarda həllinə nail olunmuşdur.
Uşaqların erkən yaş dövründən intellektual, fiziki və psiхi inkişafını, məktəbə hazırlığını, istedad və qabiliyyətinin üzə çıхarılmasını, mənəvi tərbiyəsini, təbiətə və insanlara həssas münasibətinin fоrmalaşmasını təmin etməli olan məktəbəqədər təhsil sisteminin müasir səviyyədə qurulması vacibdir. Lakin belə müəssisələrin (uşaq bağçalarının) sayının kifayət qədər olmaması məktəbəqədər yaşlı uşaqların bir hissəsinin məktəbəqədər təhsil və tərbiyə prosesindən kənarda qalmasına səbəb olur.
Məktəbəqədər təhsil sahəsində olan müraciətlər üzrə aparılmış araşdırmalar bir daha göstərmişdir ki, uşaq bağçalarında mövcud olan uşaq yerlərinin sayı müvafiq ərazidə yaşayan məktəbəqədər yaşlı uşaqların sayına uyğunlaşdırılmalıdır.
Bəzən yerli icra hakimiyyətləri mövcud durumda məktəbəqədər təhsilə olan ehtiyacı düzgün qiymətləndirməmiş, bağçaları maddi-texniki avadanlıq və tədris ləvazimatı, habelə ixtisaslı kadrlarla təmin etməklə məktəbəqədər yaşlı uşaqların cəlb edilməsinə şərait yaratmaq əvəzinə, böyük ehtiyac duyulan belə müəssisələri ləğv edirlər.
Müvəkkil əvvəlki illik məruzələrində də qeyd etdiyi kimi, məktəbəqədər təhsil müəssisələrinin Təhsil Nazirliyinin tabeliyinə qaytarılmasını zəruri hesab edir.
Son illərdə ümumi təhsilin keyfiyyətinin müasir beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində də bir sıra mühüm addımlar atılmış, təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyaları geniş tətbiq olunmağa başlamışdır.
Ölkə prezidentinin müvafiq sərəncamı ilə ötən il ümumi təhsil müəssisələrində çalışan müəllimlərin həftəlik dərs yükünün optimallaşdırılması yolu ilə əməkhaqqının artırılmasını təmin etmək və bununla maddi rifahını yaxşılaşdırmaq məqsədi ilə dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməyinin qiymətləndirilməsində mühüm addımdır.
Təhsil Nazirliyinin müəyyən etdiyi qaydalara əsasən, məktəblərdə dərs yükü bölüşdürülərkən müəllimlərin diaqnostik qiymətləndirmədə göstərdiyi nəticələrin nəzərə alınması, heç şübhəsiz, gələcəkdə təhsilin keyfiyyətində də özünü göstərəcəkdir.
Orta məktəblərdə təlim-tərbiyənin və tədrisin təşkili, məktəb rəhbərliyinin öz üzərinə düşən vəzifələri yerinə yetirməməsi ilə bağlı şikayətlər yoxlanılmış, aşkar edilmiş nöqsan və çatışmazlıqlar aradan qaldırılmış, təqsirkar şəxslər cəzalandırılmışlar. Bəzi şikayətlər üzrə məktəb rəhbərliyinin, müəllim və valideynlərin iştirakı ilə yerində araşdırmalar aparılmış, münaqişə tərəflərinə onların hüquq və vəzifələri ilə bağlı məsləhətlər verilmiş, zəruri izahat işi aparılmış, problemin həllinə və barışığın əldə edilməsinə nail olunmuşdur.
İnklüziv təhsilin təşkili məsələsini də diqqətdə saxlayan Müvəkkilin rəhbərliyi altında həyata keçirilmiş araşdırmaların nəticələrinə görə demək lazımdır ki, regionlarda sağlamlıq imkanları məhdud uşaqların məktəbəqədər və orta təhsil almaları üçün xüsusi və ümumi təyinatlı dövlət, bələdiyyə və özəl təhsil müəssisələrinin, ixtisaslaşdırılmış reabilitasiya-inkişaf mərkəzlərinin, ixtisaslı və peşəkar kadrların çatışmaması təlim-tərbiyə və reabilitasiya işinin təşkilində ciddi çətinliklər yaratmaqdadır.
Funksional imkanları məhdud uşaqların təhsildən kənarda qalması onların informasiya əldə etmək, müraciət etmək, dövlətin idarə olunmasında iştirak etmək kimi hüquqlarının məhdudlaşmasına gətirib çıxardığı nəzərə alınaraq, belə uşaqların reabilitasiyası, inklüziv təhsil imkanlarının artırılması və cəmiyyətə inteqrasiyası sahəsində mövcud olan problemlərin həllinə ehtiyac vardır.
Heydər Əliyev Fondu tərəfindən sağlamlıq imkanları məhdud, kimsəsiz, valideyn himayəsindən məhrum olan uşaqların təhsil aldığı müəssisələrin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi üzrə işlər görülmüş, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat məktəbləri və xüsusi məktəblər əsaslı təmir edilmiş və ya yenidən qurulmuş, müasir tələblərə cavab verən inventar və avadanlıqlarla təchiz edilmişdir.
Autizm sindromu, eşitmə azlığı və digər bu kimi səbəblərlə əlaqədar zəif inkişaf edən, lakin müəyyən qədər reabilitasiya potensialına malik uşaqların cəmiyyətə fəal şəkildə inteqrasiya olunmalarına nail olmaq məqsədilə onların kompleks şəkildə reabilitasiyaya cəlb olunması və ümumi təyinatlı təhsil müəssisələrində digər həmyaşıdları ilə birgə inklüziv təhsil almaları üçün zəruri şəraitin yaradılması vacibdir. Müvəkkil belə uşaqlar üçün müxtəlif profilli reabilitasiya müəssisələrinin, surdoloji və loqopedik xidmət mərkəzlərinin, inklüziv komponentli təhsil ocaqlarının yaradılması və burada çalışan psixo-pedaqoji və digər işçilərin hazırlanmasını, inklüziv təhsil imkanlarının artırılmasına dəstək məqsədilə təlim və seminarların həyata keçirilməsini, onların reabilitasiyası və inklüziv təhsil imkanlarının artırılması istiqamətində planlı tədbirlərin görülməsini təklif etmişdir. Bu baxımdan, sağlamlıq imkanları məhdud uşaqların digər uşaqlarla birgə təhsilə (inklüziv təhsilə) cəlb olunması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 14 dekabr tarixli Sərəncamı ilə “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi təqdirəlayiqdir.
Ali təhsil sahəsində müxtəlif məsələlərlə bağlı Müvəkkilə ünvanlanmış müraciətlərə də xüsusi həssaslıqla yanaşılmış, zəruri tədbirlər görülmüşdür.
Hər il olduğu kimi, 2017/2018-ci tədris ilində də ölkə prezidentinin məlum sərəncamı ilə tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və respublikanın ali məktəblərinə daxil olmuş bir sıra tələbələrə Prezident təqaüdünün verilməsi ali təhsilin təşviqində böyük əhəmiyyətə malikdir. Bununla belə, dövlət ali təhsil müəssisələrində ödənişli təhsilə görə haqqın məbləğinin əhalinin, o cümlədən qayğıya daha çox ehtiyacı olan təbəqələrinin real durumu nəzərə alınmaqla müəyyən edilməsi və aşağı salınması, habelə aztəminatlı ailələrdən olan tələbələrə təhsil haqqının ödənilməsində güzəştlərin nəzərdə tutulması da təhsilin inkişafına və bacarıqlı mütəxəssislərin yetişməsinə əhəmiyyətli təsir edə bilər.
Müvəkkil gələn tədris ili üçün də bakalavr və magistrlər barədə dövlət sifarişinin formalaşdırılması ilə əlaqədar ayrı-ayrı ixtisaslar üzrə ali təhsil müəssisələrinin bakalavr və magistr pillələrinə tələbə qəbuluna dair təkliflər hazırlamış və İqtisadiyyat Nazirliyinə təqdim etmişdir.

Mənzil hüququ. Son illərdə vətəndaşların mənzilə olan ehtiyacının ödənilməsi dövlətin prioritet istiqamətlərindən birinə çevrilmişdir.
Mənzil bazarındakı qiymətlər ehtiyacı olan şəxslərin böyük əksəriyyətinin, xüsusilə aztəminatlı ailələrin imkanlarına uyğun deyildir. Bununla belə, ipoteka kreditlərinin verilməsi zamanı banklar tərəfindən yüksək əmək haqqına malik olma tələbinin əsas şərt kimi irəli sürülməsi mənzilə ehtiyacı olan aztəminatlı ailələrin maddi durumuna cavab vermir.
İpoteka sahəsində siyasətin əsas prinsipi sosial müdafiəyə daha çox ehtiyacı olan təbəqələrin bu vəsaitdən yararlanması olmalıdır. Müvəkkil həm əvvəlki illik məruzələrində, həm də səlahiyyətli qurumlara müraciətlərində ipoteka kreditlərinin tətbiqi, əhaliyə əlçatan olması və verilməsi şərtlərinin təkmilləşdirilməsi, o cümlədən istər güzəştli, istərsə də ümumi qaydada vətəndaşlara verilən ipoteka kreditlərinin maksimal məbləğinin mənzil bazarının real tələbinə uyğunlaşdırılması, ilkin məbləğin artırılması ilə bağlı təkliflər vermişdir. Yeri gəlmişkən, hazırda güzəştli qaydada verilən ipoteka kreditlərinin maksimal məbləğinin 100 min, illik faiz dərəcəsi 4%, maksimal müddəti 30 il və minimal ilkin ödəniş məbləği ümumi dəyərin 10%-ni, ümumi qaydada isə müvafiq olaraq, 150 min manat, 8%, 25 il və 15% təşkil etmişdir.
Müvəkkil hələ fəaliyyətinin ilk illərində ipoteka kreditləşməsi ilə yanaşı, aztəminatlı əhali qruplarının imkanlarına uyğun olan və əlçatan qiymətə başa gələn mənzillərin tikilib istifadəyə verilməsini əhalinin mənzillə təminatı sahəsində əsaslı mümkün variant kimi təklif etmişdir. Bununla yanaşı, dövlət səviyyəsində mənzillə təminat sahəsində mühüm istiqamət kimi sosial mənzil fondunun yaradılmasını da zəruri hesab etmişdir. Bu baxımdan, Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi kimi şəhərin ekoloji cəhətdən təmiz və əlverişli hissəsində, yaşıllıq zonasında Yasamal Yaşayış Kompleksinin tikilməsi, Hövsan Yaşayış Kompleksinin təməlinin qoyulması təqdirəlayiqdir.
“Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxslər üçün güzəştli ipoteka kreditindən istifadə etmək hüququnun ən azı 15 il əvəzinə, 5 və ya 7 il müəyyən edilməsi də məqsədəmüvafiqdir.
Müvəkkil bir daha istər sovet dönəmində, istərsə də müstəqillik illərinin ilk vaxtlarından, habelə bələdiyyələrin fəaliyyətə başladığı vaxtlardan etibarən Bakı şəhərinin müxtəlif ərazilərində özbaşına tikilən, lakin dövlət qeydiyyatına alınmayan evlərin inventarlaşdırılmasını, bu tikililər üzərində hüquqların qeydiyyatı probleminin həlli məqsədilə hüquqi mexanizmin hazırlanmasını, həmçinin belə tikintilərin Bakı şəhərində və Abşeronda davam etdirilməsinin qarşısının alınması üzrə ciddi tədbirlər görülməsini səlahiyyətli dövlət qurumlarının diqqətinə çatdırır. Məsələnin həlli bu problemin yaratdığı çətinliklərdən əziyyət çəkən minlərlə vətəndaşın narahatlığına son qoymaqla yanaşı, onların bir sıra hüquqlarının səmərəli təmin edilməsinə imkan verəcəkdir.
Köhnə və qəzalı mənzillərdə yaşayan vətəndaşların köçürülməsi məsələsinin həlli məqsədilə Müvəkkil əvvəlki illik məruzələrində, habelə səlahiyyətli dövlət qurumlarına ünvanladığı müraciətlərdə müvafiq dövlət proqramının hazırlanmasına və həyata keçirilməsinə böyük ehtiyac olduğunu bildirmişdir. Bu baxımdan, ölkə Prezidentinin müvafiq sərəncamlarına əsasən bir sıra şəhər və rayon mərkəzlərində çoxsaylı ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəzalı vəziyyətdə olan binaların əvəzində qısa müddətdə yeni yaşayış binalarının tikilməsi və ya əsaslı təmir edilməsi məqsədi ilə müxtəlif vaxtlarda zəruri vəsaitin ayrılması təqdirəlayiqdir.
Müvəkkil Mənzil Məcəlləsinin 51.7-ci maddəsində nəzərdə tutulmuş “Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası”nın hazırlanaraq təsdiq edilməsi prosesinin sürətləndirilməsini bir daha təklif edir.
2016-cı ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində erməni işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşaması mümkün olduqdan sonra ölkə Prezidentinin müvafiq sərəncamlarına əsasən, ilkin mərhələdə 10 hektar ərazidə geniş tikinti-bərpa və abadlıq-quruculuq işləri aparılmış, 50 fərdi yaşayış evi, ümumtəhsil məktəbi, məscid, elektrik yarımstansiyası, hidrometeoroloji stansiya inşa edilmiş, qaz, elektrik, içməli su xətləri və avtomobil yolu çəkilmiş, daha sonra 100 fərdi yaşayış evinin, 50 yerlik uşaq bağçasının, inzibati binanın, tibb məntəqəsinin və klub-icma mərkəzinin, poçt məntəqəsinin və digər zəruri infrastruktur obyektlərinin tikintisi aparılmış, hər bir ailə üçün 0,10 hektar torpaq sahəsi ayrılmış, sakinlərin yaşayışı üçün hər cür şərait yaradılmışdır.
Aprel qələbəsinin ildönümünə həsr olunmuş və Füzuli rayonunun Horadiz şəhərində keçirilmiş “Zəfər yürüşü”ndə iştirak edən Müvəkkil, eyni zamanda Dövlət Bayrağı Günündə də həmin kəndə səfər etmiş, yerli sakinlərlə, o cümlədən kənd məktəbində müəllim, şagird və valideynlərlə görüşmüş, orada aparılan işlərlə Böyük Qayıdış Proqramının başlanğıcının qoyulduğunu və bunun dövlət bayrağının işğal altında olan torpaqlarda dalğalanacağına inamın göstəricisi olduğunu bildirmişdir.
Mənzil hüququ ilə bağlı Müvəkkilin ünvanına 2017-ci ildə 587 müraciət daxil olmuşdur. Həmin müraciətlərdə, əsasən, mənzillə təminat, yerli icra hakimiyyətləri tərəfindən fərdi mənzil tikintisi ilə bağlı müraciətlərə cavab verilməməsi, bundan əsassız imtina və süründürməçiliyə yol verilməsi, mənzil növbəsinə götürülmə və ya mənzil növbəsinin bərpası, qəzalı vəziyyətdə olan mənzilin əvəzinə yeni mənzil verilməsi, təbii fəlakətin vurduğu ziyanın aradan qaldırılmasına yardım edilməsi, fərdi ev tikintisi üçün torpaq sahəsinin ayrılması, evin təmirinə yardım olunması, qonşuluqda aparılan tikinti işləri ilə bağlı mənzillərə dəymiş ziyanın aradan qaldırılmasına köməklik edilməsi kimi hallar öz əksini tapmışdır. Müvəkkilin müdaxiləsi və aidiyyəti üzrə müraciətləri nəticəsində bu qəbildən olan bir sıra şikayətlər öz həllini tapmışdır.
Müraciətlərin təhlilinə əsaslanaraq, Müvəkkil hesab edir ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisindəki qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə bu binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi ilə əlaqədar məlum köçürülmələr prosesində vətəndaşların hüquqları pozulmamalı, onların müvəqqəti məskunlaşdırılması zamanı qanunvericiliyin tələblərinə ciddi əməl edilməlidir.
Məcburi köçkünlər tərəfindən 1992-1998-ci illərdə xüsusi mülkiyyətdə olan obyektlərin, evlərin və mənzillərin, habelə orderləşdirilmiş mənzillərin zəbt edilməsi çoxsaylı vətəndaşların hüquqlarının pozulması ilə nəticələnmiş, lakin problem hələ də öz həllini tapmamışdır. Odur ki, məcburi köçkünlərin onlar tərəfindən zəbt edilmiş mənzillərdən çıxarılması tələbinə dair məhkəmə qərarlarının icrası, habelə qeyd edilən mənzillərin sahiblərinin pozulmuş hüquqlarının bərpası məqsədilə həmin məcburi köçkünlər üçün yeni yaşayış binalarına köçürülməsi zəruridir.
Yeri gəlmişkən, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün 1.026 mənzildən və 11 yaşayış binasından ibarət müasir yaşayış kompleksinin təməlinin qoyulması, Masazır qəsəbəsində zəruri avadanlıqla təmin olunmuş yeni mənzillərin verilməsi mərasimlərində iştirak etmiş, Ramana qəsəbəsində inşa edilən yeni bina ilə tanış olmuşdur.
Bakı şəhərində bəzi tikinti şirkətləri tərəfindən inşa edilərək istifadəyə verilmiş və ya tikilməkdə olan müasir çoxmərtəbəli yaşayış binalarındakı mənzillərin hər birinin şirkət rəhbərliyi tərəfindən ən azı 2-3 adama satılması çoxsaylı ailələrin hüquqlarının pozulmasına səbəb olmuşdur. Müvəkkil bu şikayətlərdə əks etdirilmiş halların yoxlanılması və zəruri tədbirlər görülməsi məqsədilə hüquq-mühafizə orqanlarına müraciətlər etmişdir.
Bəzi müraciətlərdə bir sıra mənzil-tikinti kooperativləri tərəfindən Tarif (qiymət) Şurasının tələblərinə zidd kommunal normativlərin müəyyən edilməsi, sakinlərlə bağlanılmış müqavilənin şərtlərinə əməl olunmaması və onların aldadılması kimi hallar öz əksini tapmışdır. Qeyd edilənlər baxımından, İqtisadiyyat və Vergilər nazirlikləri, habelə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsi tərəfindən MTK-larda birgə monitorinqlərin aparılması, qeyd edilən qanunsuzluqların aşkar edilərək qarşısının alınması üzrə qanun çərçivəsində tədbirlər görülməsi məqsədəmüvafiqdir.
Həyatda çətin vəziyyətə düşmüş, müxtəlif səbəblərdən evsiz qalan, həmçinin sərgərdan həyat keçirən, yaşayış yeri olmayan və təcili dövlət yardımına ehtiyacı olan insanların sosial müdafiəsi məqsədi ilə bu qəbildən olan şəxslərin müvəqqəti yaşayışını təmin edən sosial sığınacaqlar şəbəkəsinin genişləndirilməsinə də ehtiyac vardır.

Əhalinin istirahətinin və rahatlığının təmin olunmasında kommunal xidmət sahələri tərəfindən göstərilən səmərəli xidmətin, habelə tikinti-abadlıq işlərinin böyük əhəmiyyəti vardır. Əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində əsaslı tədbirlər həyata keçirilmiş, bir çox yerlərdə müasir tələblərə uyğun olaraq yeni avtomobil və məhəllə yolları çəkilmiş və ya əsaslı təmir edilmiş, küçələr salınmış, kommunikasiya infrastrukturu yenidən qurulmaqdadır.
Qeyd edilənlərlə yanaşı, kommunal, o cümlədən təbii qazdan, elektrik enerjisindən, liftdən istifadə, su təchizatı və tullantı sularının axıdılması, istilik, məişət tullantıları xidmətləri, həmçinin sərnişindaşıma və poçt rabitəsi xidmətləri ilə bağlı Müvəkkilin ünvanına 572 müraciət daxil olmuşdur. Müvəkkilin səyləri nəticəsində əhalinin kommunal xidmətlər sahəsində üzləşdiyi bir sıra problemlər öz həllini tapmış və pozulmuş hüquqlar bərpa edilmişdir.
Müasir tipli çoxmərtəbəli yaşayış binalarının bir çoxu sakinlərlə məskunlaşmış, enerji və su ilə təchiz edilmiş, əksər binalarda qaz xətləri çəkilmiş və sayğaclar qoyulmuş, lakin hələ də qazlaşdırılmamışdır. Bu problemin ölkə Prezidentinin 2012-ci il 5 sentyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın 24.3-cü bəndinə müvafiq qaydada həlli çoxsaylı vətəndaşların hüquqlarının təmin edilməsinə imkan verər.

Biznes və insan hüquqları. Müvəkkil sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı yol verilmiş nöqsanların, aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması, habelə pozuntu hallarının qarşısının alınması məqsədilə aidiyyəti dövlət qurumları, vətəndaş cəmiyyəti institutları, o cümlədən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə səmərəli əməkdaşlığını davam etdirmişdir.
İnsan hüquqları ilə biznes arasında qarşılıqlı əlaqənin getdikcə dərinləşməsini, habelə biznesin idarə edilməsi zamanı insan hüquqlarının müdafiəsi məsələlərinin prioritetliyini diqqətdə saxlayan Müvəkkilin təşəbbüsü ilə yaradılmış “Biznes və insan hüquqları” üzrə İşçi qrupu fəaliyyətini davam etdirmiş, müvafiq dövlət qurumlarının və vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin iştirakı ilə geniş müzakirələr aparılmış, irəli sürülmüş təkliflər təhlil olunaraq ümumiləşdirilmiş və aidiyyəti dövlət qurumlarına göndərilmişdir.
İşçi qrupunun “İstehlakçıların hüquqlarının müdafiəsi biznes və insan hüquqları kontekstində” mövzusuna həsr olunmuş tədbirində Müvəkkil layiqli həyat səviyyəsinin təmin edilməsinin dövlətin ali məqsədi kimi təsbit olunduğunu, MFPr-in, “Azərbaycan 2020: Gələcəyə baxış İnkişaf Konsepsiyası”nın, habelə milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin insan hüquqlarının, o cümlədən  sahibkar və istehlakçıların hüquqlarının etibarlı müdafiəsində əhəmiyyətini qeyd etmiş, biznes mühitinin davamlı olaraq təkmilləşdirilməsinin vacibliyini bildirmişdir.
Müvəkkil istehlakçıların hüquqları ilə bağlı beynəlxalq sənədlərin implementasiyası və milli qanunvericiliyin təkmilləşdirilməsi, təklif və tövsiyələrin hazırlanması, mərkəz və regionlarda sahibkarların da iştirakı ilə maarifləndirmə tədbirlərinin keçirilməsi, bu işə gənc könüllülərin cəlb edilməsi, habelə konkret mövzular üzrə şəbəkə şəklində qarşılıqlı əməkdaşlığın, ixtisaslaşmış qrupların və müntəzəm monitorinqlərin təşkili kimi təkliflər irəli sürmüşdür.
İşçi qrupunun fəaliyyəti çərçivəsində “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişikliklər edilməsi ilə bağlı müvafiq təkliflər hazırlanmışdır.
“Dayanıqlı inkişaf məqsədlərinin icrası biznes və insan hüquqları kontekstində” mövzusuna həsr olunmuş növbəti tədbirdə Müvəkkil BMT-nın Dayanıqlı İnkişaf Məqsədlərinin icrasının siyasi və institusional baxımdan kompleks yanaşma tələb etdiyini, iqtisadiyyatın daha dayanıqlı, əhatəli inkişaf etdirilməsinin, sosial sahələrin tarazlı inkişafının təmin edilməsi üçün səmərəli milli icra mexanizminin formalaşdırılmasının xüsusi əhəmiyyət kəsb etdiyini, ölkə Prezidenti tərəfindən Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılmasını və Azərbaycan hökuməti tərəfindən Dayanıqlı İnkişaf Məqsədlərinin icra vəziyyəti barədə BMT-yə könüllü qaydada ilk milli hesabatın təqdim edilməsini müvafiq sahədə atılmış mühüm addımlardan olduğunu bildirmişdır.
Dayanıqlı İnkişaf Məqsədlərinin icrasının əsas elementlərindən biri kimi çıxış edən korporativ sosial məsuliyyətin insan hüquq və azadlıqlarının təmin olunmasında xüsusi rol oynadığını, biznes qurumlarının qanunvericiliklə müəyyən edilmiş sosial, iqtisadi və digər vəzifələrin yerinə yetirilməsi öhdəliklərini, sahibkarların bu sahəyə mənəvi məsuliyyətlə yanaşmasını, könüllü qaydada sosial ehtiyacların ödənilməsində iştirakını nəzərdə tutduğunu bildirən Müvəkkil korporativ sosial məsuliyyət məsələsinə xüsusi diqqət yetirilməsinin, dövlət proqramlarında bu məsələlərə geniş yer verilməsinin, xarici ölkələrin təcrübəsinin və beynəlxalq sənədlərin öyrənilməsinin vacibliyini diqqətə çatdırmışdır.
Tədbirdə Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının rolu, sahibkarların bu prosesdə iştirakının əhəmiyyəti, biznes və insan hüquqları  kontekstində korporativ sosial məsuliyyətin təbliği, yeni iqtisadi modellərin işlənib hazırlanması və tətbiqi zamanı Dayanıqlı İnkişaf Məqsədlərinin tələblərinin nəzərə alınması, müəssisələrdə gender bərabərliyi, layiqli iş şəraitinin təmin edilməsi və həmin məqsədlərin əhatə etdiyi digər aktual məsələlərlə bağlı fikir mübadiləsi aparılmış, müvafiq fəaliyyət istiqamətləri üzrə əməkdaşlığın gələcək perspektivləri müzakirə edilmiş, bu istiqamətdə təklif və tövsiyələr verilmişdir.
Həyata keçirilməkdə olan tədbirlərin tərkib hissəsi kimi korporativ məsuliyyət məsələsinə diqqətin artırılması, əhalinin qayğıya ehtiyacı olan qruplarının hüquqlarının müdafiəsində daha səmərəli fəaliyyət göstərən sahibkarlara münasibətdə həvəsləndirmə tədbirlərinin tətbiq olunması vacibdir.
BMT-nin Biznes və insan hüquqları sahəsində rəhbər prinsipləri və digər aidiyyəti beynəlxalq sənədlərin müddəaları nəzərə alınmaqla bu sahədə milli fəaliyyət proqramının hazırlanması və ya müvafiq dövlət proqramına ayrıca bölmə kimi əlavə edilməsi məqsədəuyğundur.
Müvafiq strateji yol xəritələrinin icrası çərçivəsində yaradılmış Qida Təhlükəsizliyi Agentliyi və başqa yeni qurumlarla, habelə yeni təsis edilmiş Sahibkar Qadınlar Assosiasiyası ilə İşçi Qrupunun fəaliyyəti çərçivəsində əməkdaşlıq əlaqələrinin qurulması nəzərdə tutulmuşdur.
Qeyd edilənlər onu deməyə əsas verir ki, müvafiq istiqamətlərdə ardıcıl olaraq dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, biznes mühitinə dair qanunvericiliyin və inzibati prosedurların təkmilləşdirilməsi, sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin genişləndirilməsi, maarifləndirmə, sahibkarların işgüzar əlaqələrinin inkişafı və müxtəlif növ xidmətlərin göstərilməsi kimi kompleks tədbirlər davam etdirilməlidir.

1.3. Əhali qruplarının hüquqlarının müdafiəsi

Qaçqınların, məcburi köçkünlərin və miqrantların hüquqlarının müdafiəsi. Azərbaycan Respublikasına qarşı törədilən erməni təcavüzü nəticəsində bir milyondan çox insanın beynəlxalq hüquqla tanınmış bütün fundamental insan hüquq və azadlıqları pozulmuş və hələ də pozulmaqda davam edir.
Əhalinin qayğıya daha çox ehtiyaclı qruplarından olan qaçqınların, məcburi köçkünlərin və miqrantların hüquqlarının müdafiəsi həm Müvəkkilin beynəlxalq qurumların nümayəndələri ilə keçirdiyi görüşlərdə, həm də beynəlxalq və milli tədbirlərdə diqqət mərkəzində olmuşdur. Belə ki, MFPr-in 2.1-ci bəndinin tələbləri rəhbər tutularaq, Müvəkkil və onun əməkdaşları çoxsaylı beynəlxalq tədbirlərdə məruzələrlə çıxış etmiş, bu məsələləri yüksək səviyyədə beynəlxalq təşkilatların və dünya ictimaiyyətinin diqqətinə çatdırmışlar. 
Müvəkkilin və əməkdaşlarının xarici ölkələrə işgüzar səfərləri zamanı bütün beynəlxalq tədbirlərdə xalqımızın üzləşdiyi bu faciələri özündə əks etdirən çoxsaylı ədəbiyyatlar və disklər paylanmış, həmçinin Müvəkkilin bəyanatları yayılmışdır.
Respublikamızın Xocalı şəhərində törədilmiş soyqırımının və Şuşanın işğalının 25-ci ildönümü, habelə Dağlıq Qarabağda və onun ətraf rayonlarında Ermənistan Silahlı Qüvvələrinin azərbaycanlılara qarşı törətdikləri zorakılıqlarla, həmçinin 2017-ci il 5 iyul tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonun Alxanlı kəndində yaşayan mülki əhalinin qətlə yetirilməsi və mülki obyektlərin atəşə tutulması ilə bağlı Müvəkkilin bəyanatları BMT-nin Baş katibinə, İnsan Hüquqları üzrə Ali Komissarına, Qaçqınlar üzrə Ali Komissarına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar institutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına və bu qurumlara üzv olan Ombudsmanlara, xarici ölkələrin Azərbaycan Respublikasındakı səfirliklərinə və respublikamızın xaricdəki səfirliklərinə, həmçinin ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən Azərbaycan diasporalarına göndərilmişdir.
2017-ci ildə qaçqın, məcburi köçkün və miqrantlarla bağlı Müvəkkilin ünvanına 778 müraciət daxil olmuşdur. Həmin müraciətlərdə təhsil, sağlamlıq, məşğulluq, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün güzəştli kreditin əldə olunması, əkin üçün torpaq sahəsinin ayrılması, su, qaz və elektrik təchizatı, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin miqrasiya uçotuna alınması, sərbəst hərəkət etmək, ölkə ərazisində olmaq və yaşayış yeri seçmək və digər hüquqlarının təmin olunması kimi hallar göstərilmişdir. Müvəkkilin müdaxiəsi nəticəsində bir sıra problemlər öz həllini tapmışdır.
Müvəkkil Daxili İşlər Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Dövlət Sərhəd Xidməti, habelə digər dövlət qurumları ilə yanaşı, BMT-nin Qaçqınlar üzrə Ali Kommisarlığının (BMT QAK), Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəlikləri, habelə Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzi ilə əməkdaşlığa da xüsusi önəm vermişdir. Bu əməkdaşlıq çərçivəsində bütün ölkə, o cümlədən Naxçıvan MR ərazisində yerləşən sərhəd-keçid məntəqələrində müntəzəm olaraq birgə izahat və maarifləndirmə tədbirləri həyata keçirilmiş, bu sahədə çalışan dövlət qulluqçuları üçün birgə təlimlər təşkil edilmiş, müxtəlif əcnəbi dillərdə hüquqi nəşrlər hazırlanmış və yayılmışdır.
BMT QAK-la əməkdaşlıq genişləndirilərək, 2017-ci ilin fevral-dekabr ayları üzrə Anlaşma Memorandumu imzalanmışdır. Memorandumun məqsədi “Didərginlik şəraitində qadınların səlahiyyətləndirilməsi” layihəsinin həyata keçirilməsi vasitəsilə Azərbaycanda gender bərabərliyinin və qadınların səlahiyyətləndirilməsinin təşviqinə yönələn koordinasiyalı səylərə dəstək verməkdən ibarət olmuşdur. Bu layihə çərçivəsində “Məişət zorakılığının qarşısını alaq” adlı vəsait, həmçinin “mühafizə orderi” haqqında məlumatları əks etdirən liflet və broşurlar hər biri 3000 nüsxədə çap edilmiş və onun əsasında Bakı, Gəncə, Goranboy və Mingəçevir şəhərlərində salınmış məcburi köçkün qəsəbələrində keçirilən təlimlərə 3000-dən çox məcburi köçkün cəlb edilmişdir.
Həmin layihə çərçivəsində “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası ilə əlaqədar noyabr ayı ərzində həmin rayonların yerli icra hakimiyyətinin, məhkəmə, hüquq mühafizə orqanlarının, səhiyyə, təhsil, gənclər və idman şöbələrinin, ümumtəhsil və təlim-tərbiyə müəssisələrinin rəhbərləri, habelə bələdiyyə üzvləri üçün silsilə təlimlər keçirilmişdir. Tədbirlərdə Müvəkkilin qaçqınların, məcburi köçkünlərin və miqrantların hüquqlarının müdafiəsi üzrə ixtisaslaşmış məruzəçisi təlimçi qismində, habelə Müvəkkilin Regional Mərkəzlərinin rəhbərləri də iştirak etmişlər. Müvəkkil, BMT QAK və UNICEF-in Azərbaycandakı nümayəndəlikləri ilə birlikdə “10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günü”nə həsr olunmuş “Bərabər hüquqların təmin edilməsi üçün bərabər imkanlar: iştirakçılıq və tərəfdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda həmin layihənin nəticələri ictimaiyyətin diqqətinə çatdırılmışdır.
Miqrantlarla bağlı daxil olmuş müraciətlərin təhlili nəticəsində mövcud sahədə qanunvericiliyin təkmilləşdirilməsi üzrə bir sıra təklif və tövsiyələr aidiyyəti qurumlara göndərilmişdir. Müvəkkilin təklifləri də nəzərə alınmaqla, “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”na əlavələr edilmişdir.
Miqrantların sosial, tibbi və digər xidmətlərə çıxış imkanlarının genişləndirilməsi, təhsilə əlçatanlığın təmin edilməsi, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin miqrasiya uçotuna alınması, sərbəst hərəkət etmək, ölkə ərazisində olmaq, yaşayış yeri seçmək və digər hüquqlarının təmin olunması istiqamətində tədbirlər həyata keçirilmişdir.

Həbs yerlərində saxlanılan şəxslərin və məhkumların hüquqlarının müdafiəsi. Bu şəxslərin hüquqları və qanuni mənafelərinin müdafiəsi diqqətdə saxlanılmış, onlarla bağlı Müvəkkilin ünvanına 2.011 müraciət daxil olmuşdur. Həmin müraciətlərdə saxlanma şəraiti və rəftar halları, əfv olunmaqda, cəzaçəkmə müəssisəsinin dəyişdirilməsində, ekstradisiyada, müayinə və müalicədə, pensiyanın və ya əlillik dərəcəsinin təyinində, hüquqi yardım almaq hüququnun təmin olunmasında köməklik edilməsi kimi hallar öz əksini tapmışdır.
Müvəkkil hər il olduğu kimi, 2017-ci ildə də Ədliyyə Nazirliyi ilə sıx əməkdaşlıqda fəaliyyət göstərmişdir. Həmin nazirlik yanında İctimai Komitənin üzvləri ekspert qismində MPM-in işində və həyata keçirilən başçəkmələrdə yaxından iştirak etmiş, eyni zamanda MPQ-nin rəhbəri qeyd edilən komitənin Seçki Komissiyasının üzvü kimi fəaliyyətini davam etdirmişdir.
İstintaq təcridxanalarının və cəzaçəkmə müəssisələrinin müasir standartlara uyğunlaşdırılması məqsədilə yenidən qurulması, saxlanılma şəraitinin yaxşılaşdırılması, bu müəssisələrdə insan hüquqlarının etibarlı təmin edilməsi və məhkumların islah olunmasına istiqamətlənmiş tədbirlər davam etdirilmişdir.
Qanun pozuntularının və onlara şərait yaradan səbəblərin aradan qaldırılması, intizamın gücləndirilməsi üzrə ardıcıl işlər görülmüş, həbsdə saxlama yerlərinin və penitensiar müəssisələrin işinə nəzarət gücləndirilmişdir.
2017-ci il 10 fevral tarixli sərəncam cinayət təqibi və cəzaların icrası sahələrində hüquqi islahatların yeni mərhələsi olmuşdur.
Əlilliyi olan məhkumların tibbi-sanitar hissələrdə qeydiyyata alınmaqla müayinə və müalicəs, protezlə təmin edilmə, pensiya və müaviənət məsələləri diqqətdə saxlanılmışdır. Ötən dövrdə 63 məhkuma əlillik dərəcəsi təyin edilmiş, 12 məhkuma ortopedik xidmətin göstərilməsi üçün şərait yaradılmış və onlar müvafiq protezlərlə təmin edilmişlər.
Cəzaçəkmə müəssisələrində məhkumların əməyə cəlb edilməsi onların islah olunmasına, müəssisələrdə peşə hazırlığının və idarəetməinin təkmilləşdirilməsinə, məhkumun cəzasını çəkdikdən sonra gələcəkdə cəmiyyətə adaptasiyasına xidmət edə bilər. Bu baxımdan, Müvəkkil cəzaçəkmə müəssisələrində işsizlik probleminin həll edilməsi və məhkumların əsas hissəsinin ictimai faydalı əməyə cəlb olunması məqsədi ilə yeni istehsalat sahələrinin yaradılması məsələsinin araşdırılmasını, bu məqsədlə imkanlı iş adamlarının və sahibkarların cəlb edilməsi ilə birgə tədbirlər həyata keçirilməsini, bununla da məhkumların fiziki iş qüvvəsinin sağlam əməyə istiqamətləndirilməsi yolu ilə onların islah edilməsini məqsədəmüvafiq hesab edərək, bu barədə təkliflərini aidiyyəti qurumlara bildirmişdir. Müvəkkilin təklifləri də nəzərə alınaraq, Penitensiar müəssisələrdə istehsalat sahələrinin bərpası, məhkumların əməyə cəlb edilməsi məqsədi ilə fəaliyyətdə olan istehsal sahələrindən başqa, 2017-ci il ərzində 14 müəssisədə, yəni Şəki penitensiar müəssisəsində, 1, 7, 10, 13, 15, 17 saylı cəzaçəkmə müəssisələrində və Müalicə müəssisəsində ümumilikdə 25 sex, 15 istixana və 1 mal-qaranın kökəltmə təsərrüfatı yaradılmış və 202 iş yeri açılmışdır. Cəzaçəkmə müəssisələrində 171 məhkum müxtəlif peşələr üzrə qısa müddətli peşə hazırlığı kurslarına cəlb olunmuş, 144 nəfər məhkum kursları müvəffəqiyyətlə bitirərək müvafiq sertifikatlara yiyələnmişdir. Eyni zamanda, cəzaçəkmə müəssisələrində fəaliyyət göstərən 8 peşə məktəbi, 9 peşə filialı və qruplarında 17 ixtisas üzrə 59 qrupda 1.180 nəfər məhkum peşə təhsilinə cəlb olunmuşdur və bu proses başqa obyektlərdə də tətbiq edilməlidir.
Məhkumların fiziki iş qüvvəsinin sağlam əməyə istiqamətləndirilməsi yolu ilə islah edilməsinin əhəmiyyəti nəzərə alınaraq, azadlıqdan məhrum edilmiş şəxslərin ictimai faydalı əməyə cəlb olunması, bu məqsədlə cəzaçəkmə müəssisələrində mövcud istehsal sahələrinin bərpa edilməsi və yeni iş yerlərinin yaradılması, istehsal olunmuş məhsulların daxili və xarici bazarlara çıxarılması üzrə fəaliyyətdə sahibkarların marağının və iştirakının stimullaşdırılması məqsədi ilə onlara münasibətdə vergi və digər güzəştlərin də tətbiq edilməsi məqsədəmüvafiqdir.
Məhkumların bir qismi ekstradisiya olunmalarında köməklik göstərilməsi ilə bağlı Müvəkkilə müraciət etmişlər. Bu müraciətlər üzrə aidiyyəti qurumlara sorğular verilmiş və müvafiq araşdırmalar aparılmışdır. 2017-ci ildə Azərbaycan Respublikasının xaricdə olan hər bir vətəndaşının hüquq və azadlıqlarının təmin edilməsi üçün bir çox dövlətlərlə cinayət işləri üzrə hüquqi yardım, məhkumların verilməsi və digər sahələrə dair bağlanılmış ikitərəfli müqavilələrin icrası üzrə tədbirlər davam etdirilmişdir. Bu dövr ərzində Azərbaycan Respublikasının vətəndaşı olan 53 həbs edilmiş şəxs və məhkum xarici dövlətlərdən təhvil alınmış, 81 həbs edilmiş şəxs və məhkum isə xarici dövlətlərə təhvil verilmişdir.
Əsası Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuş və ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən humanizm və ədalət prinsiplərinə əsaslanan dövlət siyasətinin, habelə insan və vətəndaş hüquq və azadlıqlarına hörmət və ehtiramın nəticəsidir ki, ölkəmizdə qısa müddətdə ümumilikdə 11 amnistiya aktı qəbul olunmuş, 63 əfv fərman və sərəncamı imzalanmış, bunun nəticəsində minlərlə insan cəzadan azad edilərək cəmiyyətə və ailələrinə qovuşmuşlar.
2017-ci il ərzində məhkumlardan və onların ailə üzvlərindən Müvəkkilin ünvanına əfvlə bağlı 899 ərizə daxil olmuşdur. 350 ərizə üzrə Azərbaycan Respublikası Prezidentinin yanında Əfv məsələləri komissiyasına vəsatətlə müraciət edilmişdir. Müvəkkilin fəaliyyəti dövründə vəsatəti ilə ümumilikdə 566, 2017-ci ildə isə 48 məhkum əfv edilmişdir.
Müvəkkil cəzadan azad etmənin, azad olunan insanların cəmiyyətə və normal həyat tərzinə qovuşmasının və sosiallaşmasının əhəmiyyətini nəzərə alaraq, Konstitusiya Qanununun 1.8-ci bəndinə əsasən, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci və hakimiyyətə qayıdışının 25-ci ildönümləri, BMT-nin insan hüquqlarına dair ümumi bəyannaməsinin qəbul olunmasının 70 illiyi münasibətilə amnistiya elan edilməsi barədə qərar qəbul edilməsini Azərbaycan Respublikasının Milli Məclisinə təklif edir.
Bu mərhəmətli addım sosial-iqtisadi inkişafın növbəti mərhələsinə qədəm qoymuş ölkəmizin humanizm ənənələrinə, demokratik prinsiplərə, insan hüquq və azadlıqlarının qorunmasına, vətəndaş cəmiyyətinin inkişafına sadiq olduğunu bütün dünyaya bir daha nümayiş etdirməklə yanaşı, barəsində amnistiya tətbiq edilən şəxslərə və onların ailələrinə böyük səadət bəxş edəcək, xalqın dövlətə olan inamını daha da möhkəmləndirəcəkdir.

Hərbi qulluqçuların hüquqlarının müdafiəsi. Son illərdə dövlət büdcəsindən hərbi sahəyə, xüsusilə hərbi qulluqçuların hüquqlarının etibarlı müdafiəsinə və səmərəli təmin edilməsinə yönəlmiş xərclərin əhəmiyyətli dərəcədə artırılması şəxsi heyətin ərzaq və əşya təminatının keyfiyyətinin yüksəldilməsində, hərbi hissələrin məişət şəraitinin daha da yaxşılaşdırılmasında, təmas xəttindəki şəxsi heyət üçün müasir standartlara uyğun modul tipli kazarmaların quraşdırılmasında, hərbi qulluqçuların və kursantların təsərrüfat işlərindən tamamilə kənarlaşdırılmasında, hərbi qulluqçular arasında baş verə bilən nizamnamədən kənar münasibətlərin qarşısının alınmasında və döyüş hazırlığına ayrılmış vaxtın daha səmərəli istifadəsində, həmçinin hazırlanan qidaların keyfiyyətində və sanitar-gigiyena tələblərinin qorunmasında mühüm rol oynamışdır.
Müvəkkil məlum aprel hadisələri zamanı Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəsin pozulması, mülki əhalinin yaşadığı sərhədyanı yaşayış məntəqələrinin iri çaplı silahlardan və ağır artilleriyadan atəşə tutulması nəticəsində baş vermiş insan tələfatına və dağıntılara öz etirazını bildirmişdir.
Həmin işğalçı qüvvələr tərəfindən Füzuli rayonunun Alxanlı kəndində yaşayan mülki əhalinin qətlə yetirilməsini və mülki obyektlərin atəşə tutulmasını insanlıq əleyhinə cinayət kimi qiymətləndirən Müvəkkil insanların yaşamaq hüququnun pozulmasını pisləyən bəyanat vermişdir.
Hərbi qulluqçuların hüquqlarının müdafiəsini diqqətdə saxlayan Müvəkkilin ünvanına daxil olmuş müraciətlərdə əsasən, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının 1997-ci il 20 may tarixli Qanunu qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş hərbi qulluqçuların hüquqi varislərinə, xəsarət almış, lakin sığorta məbləğini almamış keçmiş hərbi qulluqçulara qanunvericilikdə nəzərdə tutulmuş sığorta məbləğinin ödənilməməsi, o cümlədən bununla bağlı məhkəmə qərarlarının icra edilməməsi, xidmət müddətində istifadə edilməmiş məzuniyyətə görə ehtiyatda və istefada olan hərbi qulluqçulara pul kompensasiyasının vaxtında verilməməsi, Müdafiə Nazirliyinin Mərkəzi arxivindən müvafiq arayışların verilməsində süründürməçilik halları, habelə çağırışçıların sağlamlıq vəziyyətinin müəyyən edilməsində problemlər öz əksini tapmışdır.
Müharibə əlillərinə və şəhid olmuş şəxslərin hüquqi varislərinə sığorta ödənişlərinin verilməsinin həlli məqsədilə Müvəkkil tərəfindən Milli Məclisə müraciət edilmiş, eyni zamanda 2018-ci ilin Dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bu problemin həllinin sürətləndirilməsi diqqətə çatdırılmışdır.
Səhhətində problemləri olan bəzi çağırışçıların hərbi xidmətə cəlb edilmələri xidmət müddətində onların sağlamlıq vəziyyətinin kəskinləşməsi və bu şəxslərin hərbi büdcə hesabına müalicə olunması ilə nəticələnir.
Hərbi qulluqçular, o cümlədən ehtiyatda və istefada olan şəxslər tərəfindən Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə ünvanlanmış müraciətlərə cavab verilməməsi, gecikdirilməsi, süründürməçiliyə yol verilməsi vətəndaşların bir sıra hüquqlarının gerçəkləşməsinə və ya onlardan yetərincə istifadə edilməsinə imkan verməmişdir. Belə müraciətlər üzrə aparılmış araşdırmalar nəticəsində ərizəçilərin müraciətləri əsasən təmin edilmişdir.
Hərbi xidmət illərində istifadə edilməmiş növbəti məzuniyyətlərə görə qanunvericilikdə nəzərdə tutulmuş kompensasiyanın verilməsində mövcud olan problemlər ehtiyatda və istefada olan çoxsaylı hərbi qulluqçuların haqlı narazılıqlarına səbəb olmuşdur. Həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara kompensasiyanın verilməsinin başa çatdırılmasına baxmayaraq, ehtiyatda və istefada olan hərbi qulluqçulara bu kompensasiyanın verilməsində hələ də problemlər qalmaqdadır.
Müvəkkilin təklifinə əsasən, Nazirlər Kabineti tərəfindən qəbul edilmiş 2017-ci il 11 dekabr tarixli, 549 saylı qərar bir sıra hərbi qulluqçulara məlum kompensasiyanın verilməsi üçün hüquqi baza yaratmışdır.
Hərbi qulluqçulara müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası məbləğinin real qiymətlərə uyğun artırılmasına da ehtiyac vardır.
Hər il olduğu kimi, Müvəkkilin müdafiə naziri, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının komandanları ilə birgə təsdiq etdiyi tədbirlər planına əsasən, Müvəkkilin hərbi məsələlər üzrə ixtisaslaşmış müşaviri və aparatın digər əməkdaşları bu qurumların səlahiyyətli nümayəndələri ilə birlikdə tabelikdə olan hərbi hissə və müəssisələrdə olmuş, şəxsi heyətə ünvanlanmış hüquqi maarifləndirmə tədbirləri həyata keçirmişlər. Tədbirlər planına əsasən. Müvəkkil və aparatın əməkdaşları tərəfindən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Naxçıvanski adına hərbi lisey də daxil olmaqla, Müdafiə Nazirliyinin 19, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbi də daxil olmaqla 4, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının 3 hərbi hissəsində tədbir keçirilmişdir. Tədbirlər çərçivəsində mövcud müraciətlər yerində araşdırmış, hərbi qulluqçuların sualları cavablandırılmışdır.
Müvəkkil və aparatın əməkdaşları hərbi hissələrdə, o cümlədən cəbhə xəttində şəxsi heyət qarşısında çıxışlar etmiş, monitorinqlər aparmış, yataq otaqlarına, istirahət yerlərinə, kitabxanaya, mətbəxə, hamama, sanitar qovşağa baxış keçirmiş, xüsusilə müddətli xidmətdə olan hərbi qulluqçuların yaşayış yerləri ilə tanış olmuş, onların xidmət və sosial-məişət şəraiti, sağlamlıq vəziyyəti və qidalanması, tibb məntəqələrində göstərilən tibbi yardımın təşkili səviyyəsi və yeməkxanada yeməklərin keyfiyyəti ilə maraqlanmış, əsgərlərlə görüşə gəlmiş valideynlərlə görüşmüş, zəruri maarifləndirmə işi aparmışlar.
Monitorinqlər zamanı şəxsi heyətin yaşayış şəraiti, ərzaq və əşya təminatının vəziyyəti, qidanın keyfiyyəti, müalicə işinin təşkili, asudə vaxtın səmərəli təşkili, sanitar-gigiyena qaydalarına əməl edilməsi üçün yaradılan şərait, şəxsi heyətlə vətənpərvərlik və təlim-tərbiyə sahəsində aparılan iş ümumilikdə müsbət qiymətləndirilmişdir.
Təcrübə göstərir ki, belə tədbirlərin mütəmadi keçirilməsi hərbi qulluqçuların hüquqlarının müdafiəsi, Silahlı Qüvvələrdə ideoloji, hüquqi maarifləndirmə və təlim-tərbiyə işinin, həmçinin şəxsi heyətin döyüş əzminin, psixoloji durumunun, Vətənə sədaqət və vətənpərvərlik ruhunun gücləndirilməsi baxımından əhəmiyyətli olmuşdur.
Müdafıə Nazırliyinin hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində şəxsi heyətin hüquqlarının səmərəli təmin edilməsi, hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi, onların hüquqlarının qorunması və pozulmasının qarşısının alınması sahəsində Müvəkkil ilə birgə həyata keçirilən işlərin əhəmiyyəti nəzərə alınaraq həmin tədbirlər davam etdiriləcəkdir.

Qadın hüquqlarının müdafiəsi və gender bərabərliyinin təmin edilməsi. Ölkə əhalisinin yarısından çoxunu təşkil edən qadınların hüquqlarını qorumadan, milli siyasətdə gender metodlarını tətbiq etmədən həqiqi demokratik inkişafa nail olmaq mümkün deyil. Gender bərabərliyi, cəmiyyətdə sosio-mədəni normalar, dəyərlər, inkişaf modelləri toplusudur və demokratiyaya nail olunması yolunda əsas vasitələrdən biridir.
BMT tərəfindən qəbul edilən 2016-2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədlərinin 5-ci məqsədi məhz gender bərabərliyinə nail olmaq, bütün qadın və qızlara səlahiyyət verməkdir.
Respublikamızda dövlət gender siyasətinin əsasları ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və ölkə Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilməkdədir.  İldən-ilə bu sahədə qanunvericilik bazası daha da gücləndirilir.
Son dövrlər qadınların hakimiyyət orqanlarında və qərar qəbuletmə prosesində bütün səviyyə və formalarda, o cümlədən bütün hökumətlərarası, hökumət və qeyri-hökumət sektorlarında iştirakının əhəmiyyəti getdikcə artmaqdadır. Azərbaycanda qadın hərəkatının formalaşmasında, onların hüquqlarının qorunmasında ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük xidmətləri xüsusi qeyd edilməlidir.
Azərbaycanda qadın siyasəti sahəsində strategiyaların uğurla davam etdirilməsinə, qadınların ictimai həyatda fəal iştirakına və idarəetməyə cəlb olunmasına xüsusi diqqət yetirilir. Bununla yanaşı, cəmiyyətdə qadınların potensialından istifadə edilməsi, onların yaradıcılıq fəallığına və təşəbbüskarlığına verilən dəstək daha da gücləndirilməlidir.
Qadın hüquqlarının müdafiəsi və təbliği, gender bərabərliyinin təmini, qadınların pozulmuş hüquqlarının bərpası daim Müvəkkilin diqqətindədir.
Müvəkkil öz fəaliyyətini qadın hüquqlarını özündə ehtiva edən və əsas beynəlxalq sənədlərdən olan Pekin Fəaliyyət Platformasının 12 prioritet istiqaməti üzrə həyata keçirməkdədir. Burada konseptual yanaşma ondan ibarətdir ki, qadınların müxtəlif qruplarının xüsusiyyətləri baxımından onların hüquqlarının müdafiəsinə fərqli, bəzən isə fərdi yanaşma tətbiq olunur.
Müvəkkil digər sahələrlə yanaşı, qadın hüquqları sahəsində də BMT İnsan Hüquqları Komitəsi (İCCPR), BMT İnsan Hüquqları Şurası, İqtisadi, Sosial və Mədəni hüquqlar üzrə Komitə (ECOSOC), ATƏT, Avropa Şurası, Avropa İttifaqı və s. bu kimi beynəlxalq təşkilatlarla yaxından əməkdaşlıq edir, bu sahədə ratifikasiya olunmuş beynəlxalq konvensiya, pakt və sazişlərin implementasiyasına səylə çalışır.
Müvəkkil və onun əməkdaşları istər ölkə daxilində, istərsə də xaricdə keçirilmiş insan hüquqları ilə bağlı çoxsaylı tədbirlərdə, elmi-praktik konfranslarda iştirak etmiş, müvafiq problemlərin, o cümlədən qadın problemlərinin həlli istiqamətində səmərəli təkliflər səsləndirmişlər.
Zorakılığa məruz qalmış ailələrə maddi, mənəvi və psixoloji yardımın göstərilməsi, zorakılıq qurbanları üçün regional sığınacaqların yaradılması, regionlarda maarifləndirmə işlərinin aparılması, problemlərin həlli üçün icma səviyyəsində təşəbbüs qruplarının yaradılması, məişət zorakılığına qarşı mübarizə üzrə beynəlxalq təcrübənin öyrənilməsi, qız uşaqlarının təhsildən kənarda qalmasının və erkən nikahların qarşısının alınması üzrə tədbirlərin görülməsi, Avropa Şurasının “Qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və onlarla mübarizə haqqında” Konvensiyasının ratifikasiya edilməsi, Reproduktiv sağlamlıq haqqında qanunun qəbulunun sürətləndirilməsi zəruridir.
Müvəkkil gender məsələləri üzrə beynəlxalq ekspertlərlə görüşlər keçirmiş və genderə həssas yanaşmanın tətbiq edilməsi işinə tövsiyələrini vermişdir.
Noyabrın 25-dən başlanılan və 10 dekabr – Beynəlxalq İnsan Hüquqları gününədək davam etdirilən “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniya çərçivəsində qadınlara qarşı törədilən zorakılığın insan hüquqlarının kobud pozulması kimi təbliği istiqamətində müxtəlif tədbirlər keçirilmiş və maarifləndirmə işləri aparılmışdır. Həmçinin Müvəkkil tərəfindən zorakılığın qarşısının alınması üzrə beynəlxalq təcrübəyə əsaslanan yeni strategiyaların müəyyən edilməsi, bu məqsədlə əməkdaşlıq imkanlarının artırılması sayəsində BMT-nin müxtəlif sahələr üzrə ixtisaslaşmış qurumları ilə əməkdaşlıq aparılır və birgə layihələr həyata keçirilir.
Müvəkkilin fəaliyyətində məhkumların, o cümlədən də qadın məhkumların hüquqlarının müdafiəsi mühüm yer tutur. Müvəkkil MPQ üzvləri ilə birlikdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin qadın məhkumlar üçün 4 saylı cəzaçəkmə müəssisəsinə müntəzəm olaraq başçəkmələr keçirmişdir. Müvəkkil həmin müəssisədə “Açıq qapı” qəbulu keçirərək məhkum qadınları qəbul etmiş, bəzi müraciətlər yerində təmin edilmiş, əfvlə bağlı müraciətlər ölkə Prezidenti yanında Əfv Məsələləri Komissiyasına göndərilmişdir.
Müvəkkilin də müraciətləri nəzərə alınaraq, əfv sərəncamı ilə azadlığa buraxılanlar arasında qadın məhkumlar da olmuşdur. Müvəkkil onlarla görüşərək ailələrinə və cəmiyyətə, sağlam həyat tərzinə qovuşmağı, dövlətçiliyə sadiq olmağı, faydalı əməklə məşğul olmağı tövsiyə etmişdir.
Qeyd olunmalıdır ki, Müvəkkil mütəmadi olaraq məcburi köçkünlərin məskunlaşdığı ərazilərə səfərlər edib, qaçqın və məcburi köçkün qadınların problemləri ilə maraqlanıb, düzgün qidalanma, təmiz su, sanitariya, sığınacaq, təhsil, sosial və səhiyyə xidmətləri, o cümlədən reproduktiv sağlamlıq, analara və körpələrə qayğı xidmətlərinə olan ehtiyaclarını uyğun formada təmin etmək məqsədilə  tədbirlər görülüb, icma səviyyəsində maarifləndirmə işləri aparılıb.
2017-ci ildə də Müvəkkilin ünvanına 1.764 müraciət daxil olmuşdur. Həmin müraciətlər əsasən, pensiya və ünvanlı sosial yardım, əmək mübahisəsi, işlə təmin olunma, əlillik dərəcəsinin müəyyən edilməsi, məhkəmə qərarından narazılıq və ya qərarın icra olunmaması, məişət zorakılığı ilə bağlı olmuş, Xüsusi həssaslıqla yanaşılan bu müraciətlərin əksər hissəsi Müvəkkilin müdaxiləsi nəticəsində öz həllini tapmışdır.
Müvəkkilin təşəbbüsü ilə Bakı Dövlət Universitetinin Hüquq və digər fakültələrində artıq bir neçə ildir ki, ”İnsan hüquqları” və “Genderə giriş” fənnləri tədris olunur, hər iki fənn üzrə mühazirələr davam etdirilmişdir. Yeni “Genderə giriş” dərs vəsaiti hazırlanaraq tələbələrə təqdim olunmuşdur.
Müvəkkil tərəfindən qadın hüquqlarının müdafiəsi və ölkədə gender bərabərliyinə nail olunması sahəsində qanunvericilik bazasının daha da güclənməsi, mövcud boşluqların aradan qaldırılması ilə yanaşı, qadınların iqtisadi asılılığının azalması, işlə təmini, onların iqtisadi imkanlarının genişlənməsi məqsədilə mikrokreditlərin və digər maliyyə vəsaitlərinin verilməsi, onlar üçün gəlir gətirən fəaliyyət növlərinin təşkili, təhsil və tibbi xidmətlərdən istifadə imkanlarının genişlənməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilmiş, sahibkarlıqla məşğul olan qadınların problemlərinin həlli məqsədilə səlahiyyətli orqanlara müraciətlər ünvanlamış, nəticədə onlarla sahibkar qadının çətinlikləri aradan qaldırılmışdır. Yeri gəlmişkən, Sahibkar Qadınlar Assosiasiyasının yaradılması növbəti uğurlardandır.
Qadınların regionlarda fəallığının və gender siyasətinə diqqətin artırılması, onların idarəetmədə, qərar qəbuletmədə, seçkilərdə fəal iştirakı, vəzifələrə irəli çəkilməsi, stereotiplərə qarşı mübarizənin gücləndirilməsi, qadın hüquqları ilə bağlı nəşrlərin hazırlanması, mövcud qanunların düzgün dərk edilməsi sahəsində ardıcıl və sistemli maarifləndirici işlərin aparılması istiqamətində bir sıra tədbirlər görülmüşdür.

Uşaq hüquqlarının müdafiəsi. 2017-ci ildə uşaq hüquqları ilə bağlı Müvəkkilin ünvanına 442 müraciət daxil olmuşdur. Həmin müraciətlərlə, habelə mətbuatdan götürülmüş məlumatlarla bağlı dərhal tədbirlər görülmüş, zəruri hallarda yerində araşdırmalar aparılmışdır.
Müraciətlər arasında uşaqların müalicəsi ilə bağlı ərizələr əksəriyyət təşkil etmiş, Müvəkkilin müraciəti əsasında müxtəlif şəhər və rayonlarda yaşayan uşaqların dövlət hesabına pulsuz müayinə və müalicə olunması təşkil edilmiş və bununla bağlı demək olar ki, bütün müraciətlər təmin edilmişdir.
2017-ci ildə Müvəkkilin tapşırığına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən 1 saylı və Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrinə, Lənkəran, Şəki, Mingəçevir, Gəncə, Tovuz rayonu Qovlar şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyalara, Gəncə şəhəri Əqli və Fiziki cəhətdən qüsurlu uşaqlar üçün 45 saylı Xüsusi məktəbə, Lənkəran şəhər O.Mirzəyev adına qarışıq tipli Uşaq Evinə, Gəncə şəhərində yerləşən Uşaq Evinə,  İnternat Tipli Futbol Təmayüllü Gimnaziyaya, Körpələr evinə, Quba şəhər valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün tam orta internat məktəbinə, Siyəzən şəhər ümumi orta internat məktəbinə, Rüfət Kəlibiyev adına  Xınalıq Tam Orta İnternat Məktəbinə, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və 2 saylı İstintaq Təcridxanasına, Uşaq Tərbiyə Müəssisəsinə, Quba Xüsusi Peşə Məktəbinə planlı başçəkmələr həyata keçirilmiş, aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq tövsiyələr verilmişdir.
2017-ci ilin 4 iyul tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndində məskunlaşan çoxsaylı mülki əhalinin yaşadığı yaşayış məntəqələri və mülki obyektlərin atəşə tutulması nəticəsində Allahverdiyeva Sahibə və onun 2 yaşlı qız nəvəsi Quliyeva Zəhranın həlak olması ilə əlaqədar Müvəkkil nüfuzlu beynəlxalq təşkilatlara, o cümlədən  UNİCEF-in icraçı direktoru Entoni Leykə müvafiq bəyanat göndərmişdir. Həmin qurumun direktor köməkçisi Kornelius Uilyams tərəfindən Müvəkkilin ünvanına daxil olmuş məktubda bəyanata görə təşəkkür edilmiş, eyni zamanda hər hansı icmada heç bir ailənin silahlı münaqişə nəticəsində uşaq itkisindən əziyyət çəkməməli olduğu bildirilmişdir. Məktubda göstərilmişdir ki, BMT-nin Baş katibinin mart ayında qeyd etdiyi kimi, BMT bütün tərəfləri atəşkəs sazişini sarsıda biləcək istənilən hərəkətlərdən çəkinməyə, onları Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün qətiyyət nümayiş etdirməyə səsləyən çağırışı dəstəkləyir və UNİCEF bu cür həlli yolunun əldə edilməsi üçün səylərin davam etdiyi bir vaxtda münaqişənin təsirinə məruz qalan  bütün uşaqların hər cür müdafiə ilə təmin edildiklərinə ümid edir.
UNİCEF-in ölkəmizdəki nümayəndəliyi tərəfindən uşaq və gənclərə həyata ən yaxşı və ən təhlükəsiz təşəbbüslər istiqamətində köməyin göstərilməsində öz rolunu yerinə yetirməkdə bundan sonra da davam ediləcəyi diqqətə çatdırılmışdır.
Müvəkkilin uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin (AUGSŞ) üzvləri 4 iyul hadisəsi ilə bağlı aksiya keçirmiş, əllərində Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilmiş iki yaşlı Zəhra Quliyevanın, doqquz yaşlı Fariz Bədəlovun və on üç yaşlı Aygün Şahmalıyevanın şəkillərini tutaraq dünya birliyini silahlı münaqişələrdən əziyyət çəkən bütün uşaqlara qarşı baş verən təcavüzlərin qarşısının alınmasına çağırmışlar.
AUGSŞ tərəfindən Azərbaycanın, xüsusilə cəbhənin təmas xəttində məskunlaşan uşaqların və gənclərin adından BMT-nin Baş Katibinə, BMT-nin Baş Katibinin Uşaqlar və Silahlı münaqişələr üzrə xüsusi nümayəndəsinə, UNİCEF-in İcraçı Direktoruna Zəhra Quliyevanın nənəsi ilə birlikdə qətlə yetirilməsi ilə bağlı müraciət ünvanlanmışdır.
Müvəkkil Ermənistan silahlı qüvvələrinin 2017-ci il avqust ayının 7-də Azərbaycanın işğal olunmuş ərazilərindən Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Qaralar kəndini iriçaplı silahlardan atəşə tutaraq mülki əhalinin qəsdən məhv edilməsi məqsədilə törətdikləri növbəti təxribat nəticəsində kənd sakini 2004-cü il təvəllüdlü 13 yaşlı Yusifov Ramin Sabir oğlunun qəlpə xəsarətləri alaraq yaralanması ilə əlaqədar nüfuzlu beynəlxalq təşkilatlara müraciət ünvanlayaraq, Azərbaycana qarşı aparılan uzunmüddətli erməni təcavüzünə, dinc əhalinin qətlə yetirilməsinə, kütləvi şəkildə insan hüquqlarının pozulmasına son qoyulması məqsədilə qətiyyətli səylər göstərməyə çağırmışdır.
Müvəkkilin innovativ təşəbbüslərindən biri kimi Təhsil Nazirliyi ilə əməkdaşlıqda 2009-2010-cu tədris ilindən etibarən həyata keçirilən “Uşaq hüquqlarının pilləli tədrisi” proqramı çərçivəsində 2016-2017-ci tədris ilində Bakı şəhərinin hər bir rayonu və Qax, Zaqatala, Göygöl, Daşkəsən, Siyəzən, Qusar, Neftçala və Astara rayonları üzrə hər birində bir məktəb olmaqla, 20 məktəbdə uşaq hüquqlarının pilləli tədrisi həyata keçirilmişdir. İnsan Hüquqları aylığı çərçivəsində həmin məktəblərdə tədbirlər təşkil olunmuş, fərqlənən 1.231 şagirdə sertifikat, 20 direktor və 62 müəllimə isə təşəkkürnamə verilmişdir.
Ümumilikdə uşaq hüquqları üzrə pilləli tədris proqramına ölkədəki 150-dən çox məktəb cəlb edilmiş, bu prosesdə fərqlənmiş 8.700-dən artıq şagirdə Müvəkkil tərəfindən sertifikat, 700-dən çox müəllim və direktora təşəkkürnamə verilmişdir.
Uşaqlara diqqətin artırılması məqsədilə Müvəkkil hər il olduğu kimi, 2017-ci ildə də BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində 20 oktyabr – 20 noyabr tarixlərində respublikamızda “Uşaq hüquqları aylığı” keçirmək təşəbbüsünü irəli sürmüşdür. Aylıq çərçivəsində Müvəkkil, mərkəzi və yerli icra hakimiyyəti orqanları tərəfindən görülən işlərlə bağlı arayışlar təhlil edilərək ümumiləşdirilmiş, tədbirlər planının respublikamızın hər bir şəhər və rayonunda fəallıqla həyata keçirildiyi müşahidə edilmişdir. 
Aztəminatlı ailələrdən olan uşaqların təhsil hüququnun təmin edilməsi üzrə də tədbirlər görülmüşdür.
Qeyd edilənlərlə yanaşı, BMT-nin Uşaq Hüquqları Komitəsinin tövsiyələrini nəzərə alaraq, yerli icra hakimiyyəti orqanları yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların zəruri insan və texniki resurslarla təmin olunması, eyni zamanda - 2018-ci ildə BMT-nin Uşaq Hüquqları Komitəsinə hökumətin növbəti hesabatının veriləcəyi, habelə həmin komitənin üzv dövlətlərə tövsiyəsi nəzərə alınaraq, uşaqlara yönəlmiş sosial xidmətlər üçün ayrılan maliyyə vəsaitlərinin səviyyəsini ən azı İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv olan dövlətlərdəki orta səviyyəyə çatdırılması zəruridir.
Müvəkkil Füzuli rayonundakı 11-ci Qayıdış qəsəbəsindəki 8 saylı orta məktəbin uçmaq təhlükəsində olmasını, qış aylarında havaların sərt keçdiyini və müvafiq şəraitdə təhsilə və tədrisə davam etmənin mümkün olmadığını, məktəbin əsaslı təmir olunmasını və bərpası üçün təcili tədbirlər görülməsini nəzərə alaraq, Nazirlər Kabinetinə müraciət etmişdir.
Müvəkkil Dövlət Bayrağı Günündə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər edərək şəhid Novruz Aslanov adına Cocuq Mərcanlı kənd orta məktəbində olmuş, müəllim, şagird, valideynlər və kənd sakinləri ilə görüşmüş, təsisat tərəfindən hazırlanmış maarifləndirici nəşrlər məktəb kitabxanasına və şagirdlərə hədiyyə olunmuşdur.
Müvəkkil, UNİCEF, Ədliyyə və Polis Akademiyaları ilə birgə əməkdaşlıqda Xəzər, Suraxanı, Pirallahı və digər rayonların məhkəmə, prokurorluq, polis, ədliyyə və yerli icra hakimiyyəti orqanlarının əməkdaşları üçün treninqlər keçirilmişdir.
“Yuvenal ədliyyə”, “Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması”, “Uşaqların cismani cəzadan müdafiəsi”, habelə “Reproduktiv sağlamlıq” haqqında qanunların qəbul edilməsi, Uşaqların cinsi istismar və sui-istifadədən müdafiə olunmasına dair Avropa Şurasının Konvensiyasının ratifikasiya edilməsi məqsədəmüvafiqdir.
AUGSŞ və onun nəzdində fəaliyyət göstərən “Liderlik məktəbi”ndə hər il olduğu kimi müntəzəm olaraq uşaqların iştirakı ilə Uşaq Hüquqları Konvensiyasının müddəalarına əsaslanan treninqlər, vətənpərvərlik ruhunda maarifləndirmə tədbirləri keçirilmiş, onların problemləri müzakirə olunmuş, Şəbəkədə dərnəklər yaradılmış, habelə şəbəkə üzvlərinin asudə vaxtlarının səmərəli təşkil edilməsi məqsədilə “Şahinlər” hərbi-vətənpərvərlik təmayüllü yay istirahət düşərgəsinə, muzeylərə, tarixi yerlərə səfərlər təşkil edilmişdir.
AUGSŞ-nin Liderlik Məktəbində Müvəkkilin, UNICEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbər müavininin, Təhsil Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Bakı şəhəri üzrə Təhsil İdarəsinin, Səbail Rayon İcra Hakimiyyətinin məsul nümayəndələrinin, 150-dən artıq uşaq və gəncin, o cümlədən yeni cəlb olunmuş üzvlərin və əvvəlki buraxılış məzunlarının, habelə valideyn və müəllimlərin iştirakı ilə məktəbin 17-ci tədris ilinin açılış mərasimi keçirilmişdir.
2009-cu ildən etibarən ölkəmizdə ənənəvi olaraq keçirilən Azərbaycan uşaqlarının Ümumrespublika Forumlarına Liderlik məktəbinin üzvləri də qoşularaq, forumun aparıcısı, qruplarda moderator və iştirakçı qismində xüsusi fəallıq göstərmişlər. Uşaq hüquqlarının qorunması və təbliği məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Heydər Əliyev Fondunun və UNICEF-in təşkilatçılığı ilə keçirilən Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumunda Liderlik Məktəbinin üzvləri fəal iştirak etmişlər. Həmin forumun nəticələrini uşaqlara çatdırmaq üçün Müvəkkilin iştirakı ilə Liderlik Məktəbində tədbir təşkil olunmuşdur.
Müvəkkilin əməkdaşları Tvinninq layihəsi çərçivəsində uşaqların, əlilliyi olan şəxslərin və ahılların hüquqlarının müdafiəsi sahəsində təcrübə mübadiləsi keçmək üçün Polşada bir həftəlik xidməti ezamiyyətdə olmuşlar. Səfər çərçivəsində Polşada Uşaq hüquqları üzrə ombudsman və onun əməkdaşları ilə görüş keçirilmiş, təcrübə mübadiləsi aparılmış, Aparatın əməkdaşları Polşada bir sıra müəssisələrə, o cümlədən inklüziv təhsilin tətbiq olunduğu ibtidai təhsil müəssisəsinə baş çəkərək onların fəaliyyəti ilə tanış olmuşlar.
UNICEF-lə imzalanan Birgə İş Planına əsasən, UNICEF-in əməkdaşları ilə birgə dövlət uşaq müəssisələrinə baxışlar keçirilmiş, bu müəssisədə yaşayan uşaqların saxlanma şəraitinin və müəssisə əməkdaşlarının onlarla rəftarı məsələləri, habelə uşaqların hüquqlarının təmin olunması vəziyyəti öyrənilmişdir.
BMT QAK ilə birlikdə 2017-ci ildə də əhalinin məişət zorakılığı, gender əsaslı zorakılıqla mübarizə üzrə biliklərinin artırılması məqsədilə silsilə maarifləndirmə tədbirləri keçirilmişdir.
Təsisatın üzv olduğu Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsi (ENOC) tərəfindən həyata keçirilən Avropa Gənc Məsləhətçilər Şəbəkəsi (ENYA) layihəsinə qatılaraq orada fəal iştirak etmişdir. “Hörmət, məlumat və düçüncələrə aparan yol – Gənclərin identikliyinin və münasibətlərinin araşdırılması və onların səlahiyyətləndirilməsi” adlı layihədə AUGSŞ üzvlərinin iştirakı təmin edilmişdir. Layihə iştirakçılarından iki nəfər Müvəkkilin ixtisaslaşmış müşaviri ilə birgə layihənin icrası ilə bağlı görülən işləri və uşaqların mövzu üzrə təkliflərini iyun ayında Fransanın Paris şəhərində keçirilən görüşdə təqdim etmiş və ENOC tərəfindən sertifikatla təltif olunmuşlar. Uşaqlar tərəfindən hazırlanan təkliflər ENOC-un 21-ci illik Konfransında qəbul edilmiş bəyanatda nəzərə alınmışdır.

Ahılların hüquqlarının müdafiəsi. Ötən illərdə olduğu kimi, bu il də Müvəkkil tərəfindən ahılların hüquqlarının pozulması ilə bağlı ünvanına daxil olan şikayətlərin araşdırılması və onların hüquqlarının bərpa edilməsi, ahılların hüquqları sahəsində maarifləndirmə və təşviqat, ahılların vəziyyətinin öyrənilməsi məqsədilə araşdırmaların aparılması, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi və ahılların vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş təkliflərin hazırlanması istiqamətində dövlət qurumları, beynəlxalq təşkilatlar, qeyri-hökumət təşkilatları və KİV ilə sıx əməkdaşlıq edərək bir sıra işlər görülmüşdür.
Müvəkkil, habelə ahılların hüquqları üzrə ixtisaslaşdırılmış müşavir ölkədə və xaricdə aidiyyəti dövlət qurumları, beynəlxalq və qeyri-hökümət təşkilatları tərəfindən ahılların hüquqlarına dair təşkil olunan müxtəlif tədbirlərdə, dəyirmi masalarda iştirak edərək bu sahədə mövcud problemlərin aradan qaldırılması istiqamətində təkliflərini bildirmişlər.
Müvəkkilin aidiyyəti dövlət qurumlarına ünvanladığı müraciətlərində, o cümlədən illik məruzələrində ahıllara diqqətin daha da artırılması, onların ləyaqətinə hörmətlə yanaşılmasının dəstəklənməsi, ahılların layiqli həyat səviyyəsini təmin etmək məqsədilə iqtisadiyyatın inkişafından asılı olaraq pensiya məbləğini minimum yaşayış standartlarına tədricən çatdırılmasına nail olunması, tənha, hərəkət qabiliyyəti məhdudlaşmış ahıllara evdə xidmət işinin keyfiyyətinin yüksəldilməsi, günərzi xidmət sahələrinin yaradılması üçün hər bir şəhər və rayonda xüsusi yerlərin ayrılması, onların asudə vaxtlarının səmərəli təşkili, bu kateqoriyadan olan vətəndaşlara yaşayış yerlərinə yaxın ictimai iaşə müəssisələrinə təhkim olunaraq, gündə bir dəfə pulsuz yeməklə təmin olunmaları, rayon və şəhər səhiyyə müəssisələrində herontoloji xidmətin təşkil edilməsi, bu sahə üzrə ixtisaslaşmış mütəxəssislərin hazırlanması, ahıl vətəndaşların sanatoriya-kurort yollayışları ilə təmin edilməsi və ya reabilitasiyaları üçün bərpa mərkəzlərinə (digər reabilitasiya müəssisələrinə) göndərilməsi və s. irəli sürdüyü təkliflər həmin dövlət qurumları tərəfindən müsbət qarşılanmış və zəruri tədbirlər görülməkdədir.
Müvəkkil illik məruzələrində ahılların hüquqlarının səmərəli müdafiəsinə yönəlmiş daha bir sıra təkliflərlə çıxış etmişdir. Belə ki, ahıllar arasında sağlam həyat tərzinin (müalicəvi idman, sağlam qidalanma, zərərli vərdişlərdən imtina) təbliğ edilməsi, ahıl yaşlarında xəstəliklərin və əlilliyin yaranmasına səbəb olan sosial-iqtisadi, ekoloji və fizioloji amillərin öyrənilməsinə dair tədqiqatların aparılması, internat evləri və pansionatlarda yaşayan ahıl vətəndaşların sayının ildən-ilə artmasını nəzərə alaraq, gələcəkdə bu prosesin qarşısını almaq məqsədilə alternativ qayğı xidmətləri mexanizmlərinin (günərzi qayğı mərkəzləri, kiçik qrup evləri) işlənib hazırlanması, bu sahədə maariflənmə, təşviqat tədbirlərinin həyata keçirilməsi, ahıllara qarşı ayrı-seçkiliyin və zorakılığın aradan qaldırılmasına yönəldilmiş tədbirlərin həyata keçirilməsi, ahıl vətəndaşların mövcud imkanlarından istifadə edərək “Nəsillər arasında körpülər qurmaq” şüarı ilə gənclərin vətənpərvər, saf əqidəli, sağlam, fəal quruculuq ruhunda tərbiyəsi istiqamətində tədbirlərin həyata keçirilməsi; işləmək arzusunda olan ahılların  bilik və bacarıqlarına uyğun  müvafiq ictimai işlərə cəlb edilməsi, ahıl vətəndaşların hüquqlarının müdafiəsi və təbliği, onların problemlərinə cəmiyyətin diqqətinin artırılması məqsədilə elmi-praktiki konfransların, seminarların, dəyirmi masaların keçirilməsi və materialların dərc etdirilməsi, ahıllara olan hörmət, ehtiram kimi milli-mənəvi dəyərlərimizin KİV vasitəsilə  təbliğ edilməsi, bu qəbildən olan insanların asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə bələdiyyələrin nəzdində  resurs mərkəzlərinin yaradılması, təhsil, elm, incəsənət, idman sahələri və cəmiyyət qarşısındakı ictimai fəaliyyətdə xüsusi nailiyyətləri olan ahılların həvəsləndirilməsi məqsədilə həmkarlar ittifaqlarının mükafatının təsis edilməsi və s. təklifləri bu qəbildəndir.
Müvəkkil ömürboyu təhsilə olan tələbatı nəzərə alaraq “Yaşlıların təhsili” haqqında Qanun layihəsinin yenidən parlamentdə müzakirə edilməsi və təkmilləşdirilərək qəbul edilməsini tövsiyə etmişdir.
“Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasının 7.3-cü bəndinə uyğun olaraq, ahıllara dövlətin və cəmiyyətin diqqətinin daha da artırılmasını təmin etmək üçün Müvəkkilin təşəbbüsü və rəhbərliyi ilə təsisatda “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə dair Dövlət Proqramı”nın layihəsi hazırlanaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilmiş, nazirlik tərəfindən layihəyə əlavə və düzəlişlər edildikdən sonra həm təsisatda, həm də müvafiq nazirlikdə beynəlxalq ekspertlərin iştirakı ilə keçirilən tədbirlərdə geniş müzakirə edilmişdir.
Müvəkkil tərəfindən hazırlanmış “Ahılların hüquqlarının müdafiəsi üzrə Dövlət Proqramı”nda nəzərdə tutulduğu kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə dövlət təminatında yaşayan ahılların vəziyyətinin öyrənilməsi məqsədilə monitorinqin keçirilməsi planlaşdırılmışdır.
Müvəkkil və təsisatın əməkdaşları müntəzəm olaraq Bilgəh qəsəbəsindəki Müharibə və əmək əlilləri üçün pansionatda olmuş, sakinlərin vəziyyəti ilə maraqlanmış, onların məişət şəraitinin, sosial problemlərinin və sağlamlıq hüquqlarının təmini ilə bağlı məsələlərin həlli üzrə tövsiyələr verilmişdir.
Müvəkkilin tövsiyəsi və rəhbərliyi ilə sağlam həyat tərzinin təbliği, ahıllara gündəlik həyatında lazım ola biləcək hüquqi biliklərlə məlumatlandırma məqsədilə təsisatda “Layiqli Ahıllığa doğru” vəsaiti hazırlanmış və çapa verilmişdir.
Müvəkkilin Ahılların Resurs Mərkəzi ilə Səhiyyə Nazirliyinin “Sağlamlıq sahəsi poliklinikası”nın səmərəli əməkdaşlığı nəticəsində “Açıq qapı” aylığı keçirilir, muxtəlif profilli klinisistlərin konsultasiyaları təşkil edilir, ahıllar mütəmadi həkim müayinələrindən keçir və lazımi müalicə alırlar. Burada xəstəliklərin diaqnostikası ilə yanaşı, təbii və ənənəvi üsullarla müalicə, xəstəliklərdən sonra reabilitasiya və sağlamlaşdırıcı tədbirlər həyata keçirilir.
1 oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə keçirilmiş tədbirlər bu istiqamət üzrə ölkənin inkişafı üçün müvafiq strategiyaların və proqramların formalaşması, onların həyata keçirilməsi üçün zəruri olan tədbirlər, tənzimlənmə mexanizmləri, əhalinin artımı və yaş strukturunun dəyişməsi, yaş strukturunun və onda baş verən dəyişikliklərin ölçülməsi, yaşlaşma prosesinin qiymətləndirilməsi, ahıllar və dəyişən ənənəvi ailə institutu, yaşlanma üzrə fəaliyyət strategiyası, “Yaşlanma üzrə Madrid Beynəlxalq Fəaliyyət Planı”nın həyata keçirilməsi, bu sahədə milli potensial və digər məsələlərın müzakirəsinə zəmin yaratmışdır.

Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi. Müvəkkil bu qəbildən olan şəxslərin hüquqlarının müdafəsi məsələlərini həmişə diqqət mərkəzində saxlamışdır. Bu şəxslərlə bağlı Müvəkkilin ünvanına 903 mqraciət daxil olmuşdur. Həmin müraciətlərdə əlillik dərəcəsinin müəyyən edilməsi, müayinə və müalicəsinin təşkili, pensiya və ya müavinətin verilməsi, təkərli kürsü, avtomobil və mənzillə təmin edilmə kimi məsələlər öz əksini tapmışdır.
Müvəkkilin müdaxiləsi nəticəsində əlilliyi olan şəxslərin tibb və bərpa mərkəzlərinə göndərilməsi, ehtiyacı olanların ödənişsiz olaraq müayinə və müalicə olunmaqla zəruri dərman preparatları, sanatoriya kurort yollayışları, protez-ortopediya məmulatları, reabilitasiya vasitələri, təkərli kürsü, texniki və başqa reabilitasiya vasitələri, müharibə əlillərinə isə eyni zamanda həm də növbəlilik əsasında mənzillərin, minik avtomobillərinin verilməsi, bu qəbildən olan şəxslərə, eləcə də ahıllara tibbi-sosial və psixoloji xidmətlərin göstərilməsi təmin edilmişdir.
Müalicə-proflaktika müəssisələri tərəfindən müayinə edilərək elektron göndəriş formaları tərtib edilməklə tibbi-sosial ekspert komissiyalarına (TSEK) göndərilən şəxslərin əlilliyinin və sağlamlıq imkanlarının məhdudluğunun müvafiq qaydada qiymətləndirilməsi üçün köməklik göstərilməsi məqsədilə Müvəkkil tərəfindən aidiyyəti üzrə Səhiyyə, habelə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinə müraciətlər edilmiş, bir çox hallarda onların hüquqlarının bərpasına nail olunmuşdur.
Müvəkkil və aparatın əmək¬daş¬ları 2017-ci ildə də təhsil, səhiyyə, penitensiar və sosial xidmət müəssisələrində monitorinqlər keçirmiş, əlilliyi olan şəxslərin vəziyyəti ilə maraqlanmış, onların məişət şəraitinin, sosial problemlərinin, sağlamlıq və digər hüquqlarının təmini ilə bağlı məsələlərin həlli üzrə məsul şəxslərə öz tapşırıq və tövsiyələrini vermişlər. Eyni zamanda bu qəbildən olan insanların hüquqi cəhət¬dən maarifləndirilməsi, onlara qarşı yol verilən hər hansı bir ayrı-seçkilik, qeyri-insani rəftar və digər hüquqpozmaların aradan qaldırılması istiqamətində də zəruri tədbirlər görülmüşdür.
Müvəkkilin ürək çatışmazlığından, eşitmə azlığından əziyyət çəkən insanların, o cümlədən uşaqların yerli və xarici mütəxəssislər tərəfindən respublika daxilində dövlət vəsaiti hesabına cərrahiyyə əməliyyatı olunması, xroniki böyrək çatışmazlığından əziyyət çəkən insanların hemodializ seansları və dərman preparatları, şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin lantus və digər şəkərsalıcı preparatlar ilə təmin edilməsi üzrə müraciətləri də müsbət həll olunmuşdur.
Ağır ürək çatışmazlığı və ağır dərəcəli eşitmə azlığı olan uşaqların əməliyyat olunması üçün ölkə Prezidentinin təşəbbüsü ilə 2018-ci ilin dövlət büdcəsinin xərclərində 4 milyon manat vəsaitin ayrılması təqdirəlayiqdir.
BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının 33.2-ci maddəsinə əsasən yaradılması nəzərdə tutulan müstəqil monitorinq mexanizminin funksiyalarının həyata keçirilməsi üçün müvafiq tədbirlərin görülməsi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin 2011-ci il 14 may tarixli, 2/387 saylı məktubu ilə Müvəkkilə tövsiyə edilmişdir.
Müvəkkilin bu konvensiyanın müvafiq maddəsində nəzərdə tutulmuş, bu konvensiyanın həyata keçirilməsinin təşviqi, müdafiəsi və monitorinq mexanizmi funksiyalarını yerinə yetirən müstəqil milli insan hüquqları təsisatı qismində müəyyən olunması ilə əlaqədar Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi 2016-cı ildə Milli Məclisə təqdim edilmiş, lakin hələ də müzakirəyə çıxarılmamışdır. Bununla belə, Müvəkkil bu sahədə fəaliyyətini mövcud imkanlar daxilində davam etdirməkdədir.
Konvensiyanın müddəalarının icrası sahəsində görülən işlərə dair Azərbaycan Hökumətinin növbəti hesabatının 2019-cu ildə BMT-nin Əlilliyi olan şəxslərin hüquqları üzrə Komitəsinə təqdim ediləcəyi nəzərə alınaraq, müvafiq Konstitusiya Qanununa təklif edilən dəyişkiliklərin qəbul edilməsi, eyni zamanda həmin Komitənin Azərbaycan Hökumətinin ilkin hesabatı ilə bağlı 2014-cü ildə ölkəmizə təqdim etdiyi tövsiyələrin yerinə yetirilməsi üzrə zəruri tədbirlərin  görülməsi məqsədəmüvafiqdir.
2013-cü il 27 iyun tarixində Mərakeş şəhərində qəbul edilmiş Ümumdünya Əqli Mülkiyyət Təşkilatının “Dərc olunmuş əsərlərə kor, görmə qüsurlu və ya çap məhsullarını oxumaqla bağlı başqa əlilliyi olan şəxslər üçün əlçatımlığı asanlaşdırmağa dair Mərakeş Müqaviləsı”nin ratifikasiya edilməsinin məqsədəuyğun hesab edən Müvəkkil, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən daxil olmuş məktuba əsasən, bu barədə müsbət rəy və təkliflərini Müəllif Hüquqları Agentliyinə təqdim etmişdir. Müvəkkil bununla bağlı həyata keçirilən dövlətdaxili prosedurların sürətləndirilməsini və ölkəmizin tezliklə adıçəkilən Müqaviləyə qoşulmasını zəruri hesab edir. 
Dəyişdirilmiş Avropa Sosial Xartiyasının “Əlilliyi olan şəxslərin müstəqillik, sosial inteqrasiya və cəmiyyətin həyatında iştirak etmək hüququ”ndan bəhs edən 15-ci maddəsinin ölkəmiz tərəfindən təsdiq edilməsi aktual məsələlərdən biridir.
Müvəkkilin də təkliflərinin böyük əksəriyyəti nəzərə alınmaqla, BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasına və  “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasına uyğun olaraq hazırlanmış “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsinin qəbul edilməsi, “Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət  Proqramı”, “Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı”, “Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün zəruri olan fəaliyyət şəraitinin yaradılması Qaydaları” layihələrinin isə təsdiq edilməsinin sürətləndirilməsi də zəruridir.
Müvəkkil autizm sındromlu uşaqların valideynləri, digər qanuni nümayəndələri və bu sahədə ixtisaslaşmış vətəndaş cəmiyyəti institutları tərəfindən ünvanına daxil olan çoxsaylı müraciətləri nəzərə alaraq, autizm sindromlu şəxslərə dövlət qayğısı haqqında qanunvericilik bazasının formalaşdırılmasını, o cümlədən bu sahədə xüsusi qanunun və dövlət proqramının qəbul edilməsini bir daha təklif edir.
Müvəkkil əlilliyi olan şəxslərin, o cümlədən uşaqların təhsil hüququnun səmərəli təmin edilməsi istiqamətində ciddi problemlərdən biri kimi qarşıda duran, fiziki, psixi, intellektual və digər xüsusiyyətlərindən asılı olmayaraq, onların öz həmyaşıdları ilə məktəbdə eyni sinifdə təhsilə cəlb edilməsini nəzərdə tutan inklüziv təhsilin təşkili məsələsini də diqqətdə saxlamış, bu məqsədlə ötən dövr ərzində hazırlanmış müvafiq dövlət proqramı layihəsinin təsdiqi prosesinin sürətləndirilməsini, bu qəbildən olan uşaqlar üçün müxtəlif profilli reabilitasiya müəssisələrinin, surdoloji və loqopedik xidmət mərkəzlərinin, inklüziv komponentli təhsil ocaqlarının yaradılmasını və burada çalışan psixo-pedaqoji və digər işçilərin hazırlanması ilə bağlı tədbirlərin görülməsini təklif etmişdir.
Qeyd edilənlər baxımından, ölkə Prezidentinin 2017-ci il 14 dekabr tarixli Sərəncamı ilə “2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi yüksək qiymətləndirilməlidir.
Respublikanın regionlarda sağlamlıq imkanları məhdud uşaqların məktəbəqədər və orta təhsil almaları üçün xüsusi və ümumi təyinatlı dövlət, bələdiyyə və özəl təhsil müəssisələrinin, ixtisaslaşdırılmış reabilitasiya-inkişaf mərkəzlərinin, ixtisaslı və peşəkar kadrların çatışmaması təlim-tərbiyə və reabilitasiya işinin təşkilində ciddi çətinliklər yaradır. 
Müvəkkil hesab edir ki, əlilliyi olan şəxslərin inklüziv təhsilinin təşkili üçün kifayət həcmdə maliyyə və insan resurslarının ayrılması, sağlamlıq imkanları məhdud uşaqların hələ kiçik yaşlarından inklüziv təhsilə hazırlanması, onlarla məşğul olan mütəxəssislərin (psixoloqlar, korreksiyaedici təlim üzrə pedaqoq, surdopedaqoq, loqoped, oliqofrenpedaqoq, tiflopedaqoq və s.), həkimlər (psixiatr, nevropatoloq, otolorinqoloq, surdoloq, audioloq və başqaları), müəllim-tərbiyəçilər (fərdi və qrup təlim proqramlarını tədris edənlər), sosial işçilərin və s. hazırlanması,  peşəkarlığının artırılması, əlilliyi olan və olmayan uşaqların valideynlərininin birgə maarifləndirilməsi, eyni zamanda cəmiyyətdə mövcud olan digər bu kimi sosial-psixoloji problemlərin aradan qaldırılması istiqamətində tədbirlərin həyata keçirilməsi zəruridir.

II fəsil.

Hüquqi maarifləndirmə, elmi-analitik iş və beynəlxalq əlaqələr sahəsində fəaliyyət,
ictimaiyyətlə və kütləvi informasiya vasitələri ilə əməkdaşlıq

2.1.  İnsan hüquqları sahəsində maarifləndirmə

Əhalinin hüquq düşüncəsinin inkişaf etdirilməsinə yönəlmiş hüquqi maarifləndirmə sahəsində fəaliyyət qazanılmış beynəlxalq və milli təcrübə əsasında təkmilləşdirilməkdədir.
Müvəkkilin təşəbbüsü ilə ənənəvi olaraq insan hüquqlarının müdafiəsi və təbliği üzrə keçirilən aylıqlarla əlaqədar bütün aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, QHT və KİV-ə tədbirlərin keçirilməsi ilə bağlı müraciət edilmiş, görülən işlər təhlil edilmiş, nəticələr barədə məlumatlar Müvəkkilin rəsmi dövlət qəzetində dərc edilmiş məqaləsində öz əksini tapmış, təsisatın rəsmi saytında yerləşdirilmiş, ictimaiyyətin diqqətinə çatdırılmışdır.
Müvəkkilin Gəncə, Şəki, Quba və Cəlilabad regional mərkəzləri tərəfindən ətraf 35 şəhər və rayonda, o cümlədən qəsəbə və kəndlərdə mütəmadi olaraq əhalinin müxtəlif qruplarına ünvanlanan geniş hüquqi maarifləndirmə tədbirləri həyata keçirmişlər.
Müvəkkilin təşəbbüsü ilə aparatın və regional mərkəzlərin əməkdaşları ölkəmizdə elan olunan aylıqlar, habelə “1 dekabr – Ümumdünya QİÇS-lə Mübarizə Günü”, “3 dekabr - Beynəlxalq Əlilliyi olan Şəxslər Günü” və digər əlamətdar milli və beynəlxalq günlər ərəfəsində müvafiq tədbirlər planı əsasında silsilə hüquqi maarifləndirmə tədbirləri həyata keçirilməklə insan hüquqları sahəsində qlobal problemlərə diqqət yönəldilmişdir.
“İslam Həmrəyliyi İli” münasibətilə təsisat tərəfindən “İslam həmrəyliyi və insan hüquqları” mövzusunda tədbirlər keçirilmiş və maraqlı müzakirələr aparılmışdır.
Müvəkkilin təşəbbüsü ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar təsisat, o cümlədən Gəncə, Şəki, Quba və Cəlilabad regional mərkəzləri tərəfindən təşkil olunmuş tədbirlərdə müstəqil Azərbaycanın konstitusiyasının məhz ümummilli liderin rəhbərliyi ilə hazırlandığı, 1995-ci 12 noyabr tarixində ümumxalq səsverməsi (referendum) yolu ilə demokratik şəraitdə qəbul edildiyi, bu sənədin üçüncü fəslinin bütün müddəalarının insan hüquqlarına hörmət ruhunda yazıldığı, insan hüquq və azadlıqlarının yüksək dəyər kimi təsbit olunduğu diqqətə çatdırılmışdır.
Müvəkkil və onun tapşırığına əsasən təsisatın regional mərkəzləri tərəfindən Bakıda və regionlarda dövlət qurumlarının, bələdiyyələrin, gənclər təşkilatlarının, QHT və KİV təmsilçilərinin, habelə müəllim və şagirdlərin iştirakı ilə 20 Yanvar - Ümumxalq Hüzn Gününün 27-ci ildönümünə, Xocalı soyqırımının və Şuşanın işğalının 25-ci ildönümünə, 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş tədbirlər təşkil edilmişdir.
Müvəkkil və aparatın əməkdaşları Bakı Dövlət Universitetində fəaliyyət göstərən “İnsan hüquqları və informasiya hüququ üzrə UNESCO” kafedrasında ali təhsilin bakalavr və magistr səviyyələrində insan hüquqları üzrə kadr hazırlığı sahəsində iştirakını davam etdirmişlər. Bu baxımdan, Müvəkkilin təşəbbüsü ilə “İnsan hüquqları”, habelə “Genderə giriş” fənlərinin müstəqil fənlər kimi universitet səviyyəsində tədrisi işinin uğurla davam etdirilməsi, eyni zamanda Müvəkkilin ümumi redaktəsi ilə əvvəlki illərdə “İnsan hüquqları” adlı mühazirələr toplusu, 2017-ci ildə isə “Genderə giriş” dərs vəsaiti-mühazirələr toplusu adlı kitab nəşr etdirilərək oxucuların istifadəsinə verilməsi mühüm əhəmiyyət kəsb edir.
Müvəkkil BMT-nin “İnsan hüquqlarının müdafiəsinə qalx!” kampaniyasını ölkəmizdə bəyan edərək, bütün dövlət qurumlarını, beynəlxalq təşkilatları, vətəndaş cəmiyyəti institutlarını birgə fəaliyyətə dəvət etmişdir.
Təsisatda ümumilikdə 311, 2017-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Bakı Dövlət Universitetinin, Azərbaycan Dillər Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin, habelə Kiyev Dövlət Universitetinin 39 tələbə və magistrantı elmi-tədqiqat təcrübəsi keçmişdir.
Müvəkkil və əməkdaşları tərəfindən Prezident yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Polis Akademiyası, Ədliyyə Akademiyası, Baş Prokurorluğun tədris mərkəzi və hərbi təhsil müəssisələrində müvafiq olaraq, müdavimlərə, ixtisaslaşmaya cəlb olunmuş mütəxəssislərə, hakimlərə, vəkillərə, dövlət qulluqçularına hüquqi maarifləndirici mühazirlələr oxunmuşdur.
Hüquqi maarifləndirmə işinin effektivliyini təmin edən, mütəmadi olaraq çoxsaylı insanların faydalandığı müxtəlif özəklərdə, Ahılların Resurs Mərkəzində qadınlara və ahıllara, Müvəkkilin uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi (AUGSŞ) nəzdində fəaliyyət göstərən, uşaq hüquqları təhsilini nəzərdə tutan “Liderlik məktəbi”ndə insan hüquqları sahəsində məlumatlı gənclərin, “Gənc Heydərçilər”in yetişdirilməsi işinə diqqət verilmişdir. Bu, uşaq və gənclərin öz hüquqlarını öyrənməsinə, bu bilikləri öz yaşıdlarına ötürməsinə, onlarda vətənpərvərlik hissinin aşılanmasına, liderlik bacarıqlarının formalaşdırılmasına xidmət etmişdir.
2017-ci il ərzində bölgələrdə, ucqar rayon və kəndlərdə yaşayan qadınlar üçün gender bərabərliyi, məişət zorakılığı, insan alveri, erkən nikahlar və digər mövzularda maarifləndirici seminar və məşğələlər keçirilmiş, intensiv maarifləndirmə işinin nəticəsi olaraq yüzlərlə qadın öz hüquqları barədə məlumatlanmış və müraciətlər əsasında onlara təmənnasız hüquqi məsləhətlər verilmişdir. Belə tədbirlərdə daim dövlət orqanlarının, beynəlxalq təşkilatların, QHT və KİV nümayəndələrinin iştirakı təmin edilmiş, qadın hüquqlarının müdafiəsi önə çəkilmişdir.
Azərbaycan Qadın və İnkişaf Mərkəzi tərəfindən “Regionlarda reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında maarifləndirmə tədbirlərinin təşkil edilməsi” adlı layihə çərçivəsində Kürdəmir, Ucar, Quba və Xaçmaz rayonunda maarifləndirmə tədbirləri də keçirilmişdir.
Bakıda və respublikanın regionlarında İİV/QİÇS və narkomaniyaya qarşı mübarizəyə ünvanlanan hüquqi maarifləndirmə işinin həyata keçirilməsi davam etdirilmişdir. Hər il may ayının üçüncü bazar günü qeyd olunan İİV/QİÇS Xəstəliyindən Vəfat Etmiş İnsanların Anım Günü, Narkomaniyaya Qarşı Beynəlxalq Mübarizə Günü və 1 dekabr – Ümumdünya QİÇS-lə Mübarizə Günü ərəfəsində tədbirlər planı əsasında paytaxda və regionlarda silsilə tədbirlər keçirilməklə və digər qurumlar tərəfindən təşkil edilmiş belə tədbirlərdə təsisatın nümayəndəsinin iştirakı təmin olunmaqla bu qlobal problemə diqqət yönəldilmişdir.
Liderlik Məktəbində və Ahılların Resurs Mərkəzində təsisatın əməkdaşlarının, QİÇS-lə Mübarizə Mərkəzinin mütəxəssislərinin, uşaq və gənclərin, valideynlərin, ahılların iştirakı ilə 1 dekabr – Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr olunmuş tədbirlər keçirilmişdir.
Fəaliyyəti ərzində 190 adda nəşr hazırlanmış, insan hüquqlarına və layiqli idarəetməyə dair 23-dən artıq xarici ədəbiyyat dilimizə tərcümə olunmuş, o cümlədən Azərbaycan dilində olan 53 vəsait İngilis dilinə, 40-ı isə rus dilinə tərcümə olunaraq çap edilmiş, geniş oxucu auditoriyası arasında yayılmış, şəhər və rayonlardakı kitabxanalara, həmçinin xarici ölkələrin Ombudsman təsisatlarına, insan hüquqları sahəsində fəaliyyət göstərən institutlara, milli kitabxanalara paylanmışdır. Müvəkkilin nəşrləri milli və beynəlxalq sərgilərdə, o cümlədən V Bakı Beynəlxalq Kitab Sərgi Yarmarkasında, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Frankfurtda keçirilən Beynəlxalq Kitab Sərgilərində sərgilənmiş və böyük maraqla qarşılanmışdır.
Yeri gəlmişkən, Müvəkkil ilə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası arasında təsisatın nəşrlərinin kolleksiya və milli rəqəmsal yaddaş bazasına daxil edilməsi, elektron kataloqa salınması, habelə təcrübə mübadiləsi və seminarların təşkili üzrə əməkdaşlıq memorandumu imzalanmışdır.

2.2.  Müvəkkilin elmi-analitik sahədə fəaliyyəti

Müvəkkilin çoxşaxəli fəaliyyətinin əsas istiqamətlərindən biri də elmi-analitik işinin təşkili ilə bağlıdır. Ümumiləşdirmə aparılmaqla həmin fəaliyyətin insan hüquqlarının təminatı ilə bağlı mövcud strategiyaların, konsepsiyaların, dövlət proqramlarının, milli fəaliyyət planı və proqramlarının həyata keçirilməsi, monitorinqi və əlaqələndirilməsi, qanunvericilik aktlarının təkmilləşdirilməsi ilə bağlı qanun layihələrinə dair rəy və təkliflərin işlənib hazırlanması, Konstitusiya Məhkəməsi ilə əməkdaşlığı, bir sıra beynəlxalq hüquqi aktlara ölkəmizin qoşulması barədə müvafiq təkliflərin işlənib hazırlanması və aidiyyəti orqanlara göndərilməsi və s. istiqamətlərini göstərmək olar.
MFPr-in icrası istiqamətində məsul dövlət qurumları tərəfindən görülmüş işlərlə bağlı məlumatlar Müvəkkilə illər üzrə təqdim edilmiş, onlar Müvəkkil tərəfindən təhlil edilərək yekun arayış hazırlanmış və ölkə Prezidentinə təqdim edilmişdir.
MFPr-də nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti tərəfimizdən mütəmadi olaraq təhlil edilir və ümumiləşdirilərək hər il kitab şəklində nəşr etdirilir. Eyni zamanda həmin kitabın elektron versiyası təsisatın rəsmi internet səhifəsində (ombudsman.gov.az) yerləşdirilir.
Qarşıdakı illər üzrə “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə üzrə Tədbirlər Proqramı”nın, “Ana və uşaqların sağlamlığının qorunması üzrə Tədbirlər Proqramı”nın və “Onkoloji xəstələrin şiş əleyhinə əsas preparatlarla təminatı üzrə Tədbirlər Proqramı”nın hazırlanaraq təsdiq edilməsi təklif edilmişdir.
Cinayət, Cinayət Prosessual, Mülki, Mülki Prosessual, İnzibati  Prosessual, İnzibati Xətalar, Əmək, Ailə, Mənzil, Vergilər və s. məcəllələrinin, o cümlədən əlillik, pensiyalar və sosial müavinətlər, sosial xidmət, penitensiar və s. sahələrlə bağlı qanunvericilik aktlarının monitorinqi həyata keçirilmişdir.
“Psixoloji yardım haqqında” Azərbaycan Respublikası Qanunun layihəsinə bir daha baxılmış və ona dair müvafiq təkliflər ümumiləşdirilərək aidiyyəti üzrə təqdim edilmişdir.
Ədliyyə Nazirliyindən daxil olmuş “Əhalinin sağlamlığının qorunması haqqında”, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında”, “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında”, “Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişikliklər edilməsi haqqında”, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında”, “Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihələrinə və digər müraciətlərinə də baxılmış və onlara dair insan hüquqlarının müdafiəsi üzrə təcrübəmiz də nəzərə alınmaqla müvafiq təkliflər hazırlanaraq aidiyyəti üzrə ünvanlanmışdır.
“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanununda Müvəkkilin də çoxsaylı təklifləri nəzərə alınmışdır.
Müvəkkilin Konstitusiya Məhkəməsinə ünvanladığı “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanunun 27.3-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının bir sıra normalarına uyğunluğunun yoxlanılmasına dair sorğusu ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu 2017-ci il 6 iyul tarixdə qərar qəbul etmiş, Mülki Prosessual Məcəllənin 157-ci və 158-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının müvafiq normalarına uyğunluğunun yoxlanılmasına dair sorğusu isə Konstitusiya Məhkəməsi Palatasının icraatına qəbul edilmişdir.
Müvəkkilin sorğuları əsasında qəbul edilmiş qərar və qərardadlar istər nəzəri, istərsə də təcrübi əhəmiyyət kəsb edərək, konstitusiyada və digər normativ hüquqi aktlarda təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarının düzgün anlaşılmasında, təcrübədə düzgün tətbiqində və təminində əhəmiyyət daşımaqdadır.
Müvəkkilin və əməkdaşların bir sıra beynəlxalq, regional və yerli əhəmiyyətli tədbirlərdə iştirakı, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinin daha səmərəli təmininə yönəlmiş çoxsaylı mülahizə, rəy, təklif, bəyanat və çıxışları qanunvericiliyin təkmilləşdirilməsində mühüm rol oynamışdır.

2.3.  İctimaiyyətlə və kütləvi informasiya vasitələri ilə əməkdaşlıq

İctimaiyyətlə əlaqələr və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq. Müvəkkilin insan hüquqlarının etibarlı müdafiəsi məqsədilə dövlət orqanları və vətəndaş cəmiyyəti institutları ilə səmərəli əməkdaşlığı 2017-ci ildə də davam etdirilmişdir.
Müvəkkil yanında müxtəlif yönümlü qeyri-hökumət təşkilatlarının və müstəqil ekspertlərin təmsil olunduğu Ekspertlər Şurasında ölkədə insan hüquqlarının əsas istiqamətləri üzrə vəziyyətin təhlil edilməsinə, milli qanunvericiliyin təkmilləşdirilməsi, beynəlxalq hüquqi sənədlərin implementasiyası üzrə təkliflər hazırlanmasına mühüm önəm verilmiş, birgə tədbirlər həyata keçirilmişdir.
Milli Məclisin deputatlarının, dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin təmsil olunduğu Ədliyyə Nazirliyi yanında İctimai Komitənin tərkibində aparatın əməkdaşının da iştirakı digər bir əməkdaşlıq forması kimi əhəmiyyətli olmuşdur.
Müvəkkilin təşəbbüsü və təşkilatçılığı ilə il ərzində dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının, icmaların, ictimaiyyət nümayəndələrinin və ekspertlərin iştirakı ilə insan hüquqlarının prioritet istiqamətlərinə həsr olunmuş müxtəlif tədbirlər, o cümlədən "Dayanıqlı İnkişaf Məqsədlərinin təməl prinsipləri: hüquq bərabərliyi, milli prioritetlər və əməkdaşlıq" mövzusunda Ombudsmanların XIV Bakı Beynəlxalq Konfransı, 20 Yanvar faciəsinin 27-ci, Xocalı soyqırımının və Şuşanın işğalının 25-ci ildönümünə, “31 Mart - Azərbaycanlıların Soyqırımı günü”nə həsr edilmiş dəyirmi masalar, 2017-ci il 10 fevral tarixli sərəncamının icrası üzrə ictimai müzakirələr, “İstehlakçıların hüquqlarının müdafiəsi biznes və insan hüquqları kontekstində” və “Dayanıqlı inkişaf məqsədlərininin icrası biznes və insan hüquqları kontekstində” mövzusuna həsr olunmuş tədbirlər, “10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günü”nə həsr olunmuş “Bərabər hüquqların təmin edilməsi üçün bərabər imkanlar: iştirakçılıq və tərəfdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilmiş, fikir və təcrübə mübadilələri aparılmış, təklif və tövsiyələr irəli sürülmüşdür.
Fəaliyyəti ərzində Müvəkkil insan hüquqlarının müdafiəsi sahəsində geniş fəaliyyətinə, habelə vətəndaş cəmiyyəti institutları ilə səmərəli əməkdaşlıq əlaqələrinə görə bir sıra dövlət və ictimai mükafatlara layiq görülmüşdür.
2017-ci ildə Müvəkkil insan hüquqlarının qorunması sahəsində səmərəli fəaliyyətinə və ölkənin ictimai-siyasi həyatında fəal iştirakına görə “Şərəf” ordeni ilə təltif edilmişdir.
Müvəkkil Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinə göstərdiyi diqqət, qayğı və dəstəyə görə “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyinin “Təşəkkürnamə”sinə layiq görülmüş, həmçinin ölkədə hemofiliyalı şəxslərin tibbi-sosial problemlərinin həlli sahəsindəki səmərəli fəaliyyətinə görə Hemofiliyalı Şəxslərin Respublika Assosiasiyanın “Fəxri diplomu”, habelə səmərəli əməkdaşlığa, autizmlə bağlı qanunun yenidən müzakirəsinə və müsbət dəyişikliyə nail olduğuna görə “Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi” İctimai Birliyinin Diplomu ilə təltif edilmişdir.
Müvəkkilin təşəbbüsü ilə ənənəvi olaraq, “10 dekabr – Beynəlxalq İnsan Hüquqları Günü” münasibətilə “Mən və hüquqlarım” mövzusunda keçirilmiş uşaq rəsmləri müsabiqəsinin nəticələrinə görə 30-dan çox uşaq sertifikatlarla təltif edilmiş, Cocuq Mərcanlı kənd orta məktəbinin şagirdi isə qaliblər sırasında olmuşdur.

Kütləvi informasiya vasitələri ilə əməkdaşlıq. Mətbuatla səmərəli əməkdaşlıq şəraitində Müvəkkilin məqsəd və məramları, yeni ideya və təşəbbüsləri, fəaliyyətinin əsas istiqamətləri, təşkil etdiyi tədbirlər barədə press relizlər hazırlanaraq operativ şəkildə informasiya agentliklərinə, müxtəlif qəzet və jurnallara, teleradio kanallarına, elektron xəbər portallarına göndərilir.
Müvəkkil öz işini Milli Televiziya və Radio Şurası, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, Mətbuat Şurası, habelə jurnalist qurumları ilə səmərəli əməkdaşlıq şəraitində qurmuşdur.
Təsisatın fəaliyyətini geniş əhali kütləsinə çatdırmaqda mühüm vasitə kimi Azərtac və digər agentliklərlə, paytaxtda və bölgələrdə nəşr olunan aparıcı qəzetlərin redaksiyaları, teleradio kanalları ilə əlaqələr davam etdirilmiş, həmçinin Müvəkkilin rəsmi internet səhifəsi daha da təkmilləşdirilmişdir.
Təsisatın fəaliyyəti barədə mətbuatda ümumilikdə 11.475, o cümlədən 2017-ci ildə 825 məqalə və informasiya dərc olunmuşdur. Fəaliyyət dövrü ərzində Müvəkkilin Mətbuat xidməti 4.151 press reliz hazırlamışdır ki, bunların da 283-ü 2017-ci ilə aiddir. Bu press relizlər ingilis dilinə tərcümə olunaraq Avropa Şurasına və digər beynəlxalq təşkilatlara göndərilmişdir. Aylıq informasiya bülletenlərinin 156 sayı, o cümlədən 2017-ci ildə 12 sayı hazırlanmışdır.
Müvəkkil fəaliyyətə başladığı vaxtdan 122 bəyanat, o cümlədən 2017-ci ildə 20 Yanvar faciəsinin 27-ci, Xocalı soyqırımının və Şuşanın işğalının 25-ci ildönümləri, 31 mart - Azərbaycanlıların Soyqırımı günü, Ermənistan silahlı qüvvələri tərəfindən iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində yaşayan mülki əhalinin qətlə yetirilməsi və mülki obyektlərin atəşə tutulması ilə bağlı bəyanatları, habelə həmin işğalçı qüvvələr tərəfindən avqust 7-də Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Qaralar kəndinin iriçaplı silahlardan atəşə tutularaq mülki əhalinin qəsdən məhv edilməsi məqsədilə törədilmiş növbəti təxribat nəticəsində həmin kəndin sakini, 13 yaşlı Ramin Yusifovun qəlpə xəsarətləri alması barədə Müraciəti nüfuzlu beynəlxalq qurumlara - BMT-nin Baş Katibinə, Təhlükəsizlik Şurasına və İnsan Hüquqları üzrə Ali Komissarına, UNİCEF-ə, İslam Əməkdaşlıq Təşkilatına, Avropa İttifaqına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa ombudsmanlar institutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına, respublikamızın xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilmiş, Bəyanatların mətni dövri mətbuatda dərc edilmiş, televiziya və radio verilişlərində səsləndirilmişdir.
“10 dekabr – Beynəlxalq İnsan Hüquqları Günü” münasibətilə keçirilmiş ənənəvi “Hüquqlar hamı üçün!“ mövzusunda jurnalist yazıları müsabiqəsində qalib olmuş şəxslər mükafatlandırılmışlar.
Müvəkkil tərəfindən təşkil olunmuş tədbirlərdə çoxsaylı mətbuat nümayəndələri iştirak etmiş, mətbuat səhifələrində informasiya və məqalələr dərc olunmuş, teleradio proqramlarına müsahibələr verilmişdir.

2.4. Beynəlxalq əlaqələr

Müvəkkil nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən BMT və onun ixtisaslaşmış qurumları, UNESCO, Avropa İttifaqı (Aİ), Avropa Şurası (AŞ), Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), Milli İnsan Hüquqları İnstitutlarının Qlobal Alyansı (GANHRI), Milli İnsan Hüquqları İnstitutlarının Avropa Şəbəkəsi (ENNHRI), İşgəncələrin Qarşısının Alınması üzrə Avropa Komitəsi (CPT), Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK), Avropa Uşaq Ombudsmanları Şəbəkəsi (ENOC), Beynəlxalq Ombudsmanlar İnstitutu (BOİ), Avropa Ombudsmanlar İnstitutu (AOİ), Asiya Ombudsmanlar Assosiasiyası (AOA), İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Ombudsmanlar Assosiasiyası (İƏTOA) ilə əməkdaşlığını davam etdirmişdir.
Müvəkkilin fəaliyyətin dövründə təsisatın nümayəndələri 463, 2017-ci ildə isə 18 beynəlxalq tədbirdə təsisatı təmsil etmişlər. Həmin tədbirlərdə ümumilikdə 77, 2017-ci ildə isə 28 əməkdaş iştirak etmiş, ölkəmizdə insan hüquqlarının təmin edilməsi, Müvəkkilin fəaliyyəti, təklif və tövsiyələri barədə geniş məlumat vermiş və həmin çıxışlar müvafiq tədbirin rəsmi sənədləri sırasına daxil edilmişdir.
Müvəkkilin təşəbbüsü və UNESCO üzrə Azərbaycan Milli Komissiyasının dəstəyi ilə 16-17 iyun tarixlərində Türkiyə Respublikasnın, habelə Rusiya Federasiyasının bir sıra subyektlərinin ombudsmanlarının, Özbəkistan və Serbiya ombudsman təsisatlarının nümayəndələrinin, dövlət qurumları rəsmilərinin, Milli Məclisin deputatlarının, ölkəmizdə akkreditə olunan diplomatik korpus nümayəndələrinin, vətəndaş cəmiyyəti institutlarının təmsilçilərinin iştirakı ilə “Dayanıqlı İnkişaf Məqsədlərinin təməl prinsipləri: hüquq bərabərliyi, milli prioritetlər və əməkdaşlıq” mövzusunda Ombudsmanların XIV Bakı Beynəlxalq Konfransı keçirilmiş, yekunda Bakı Bəyannaməsi qəbul edilmişdir.
Yeri gəlmişkən, 2018-ci ildə «18 iyun - İnsan hüquqları günü» ərəfəsində UNESCO üzrə Azərbaycan Milli Komissiyasının dəstəyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci və hakimiyyətə qayıdışının 25-ci ildönümləri, BMT-nin insan hüquqlarına dair ümumi bəyannaməsinin qəbul olunmasının 70 illiyi münasibətilə Ombudsmanların növbəti Bakı Beynəlxalq Konfransının keçirilməsi də nəzərdə tutulmuşdur.
Azərbaycanın 2001-ci ildə AŞ-yə üzv qəbul edildikdən sonra üzərinə götürdüyü öhdəliklərin icrası vəziyyətini öyrənmək məqsədilə ölkəmizdə səfərdə olan bu qurumun Siyasi Məsələlər Direktorluğunun rəhbəri Aleksandr Gesselin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edən Müvəkkil ölkədə insan hüquqlarının təmin edilməsi və öhdəliklərdən biri kimi Ombudsman təsisatının yaradılması, çoxşaxəli fəaliyyəti, o cümlədən beynəlxalq əlaqələri barədə geniş məlumat vermişdir.
Müvəkkil yeni təyin edilmiş Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskası və AŞ-nin Azərbaycandakı Ofisinin rəhbəri Zoltan Hernyesi qəbul etmiş, əməkdaşlıq əlaqələri barədə fikir mübadiləsi aparılmışdır.
Müxtəlif vaxtlarda təsisatda AŞ-nin nümayəndələri İvan Koedjikov, İldiko Nemets-Salacz, Con MakQakin və Katerin Krimer, AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Sezar Florin Preda qəbul edilmişdir.
Müvəkkil CPT-nin prezidenti Mikola Qnatovskinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmiş, BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyasının Fakültativ Protokoluna qoşulduqdan sonra Milli Preventiv Mexanizm (MPM) funksiyalarını yerinə yetirən təsisat qismində müəyyən olunması, habelə Milli Preventiv Qrupun fəaliyyəti, tərkibi, başçəkmələrin formatı və digər məsələlərlə bağlı ətraflı məlumat vermişdir.
Aparatın rəhbəri Fransanın Strasburq şəhərində İrqi ayrı-seçkiliyə qarşı Avropa Komissiyasının illik seminarında iştirak etmiş, müvafiq sessiyalardakı çıxışında ölkəmizdə ayrı-seçkiliklə mübarizə sahəsində təkmil qanunvericilik bazasının formalaşdırıldığını, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verildiyini bildirmişdir.
Fransanın Strasburq şəhərində AŞ və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun birgə təşkilatçılığı ilə keçirilmiş Avropa və digər regionlarda fəaliyyət göstərən MPM əlaqələndiricilərinin məsləhətləşmə görüşündə iştirak etmiş Milli Preventiv Qrup rəhbərinin “Miqrantlarla bağlı Avropa qaydaları”nın layihəsinin müzakirəsi zamanı layihə ilə bağlı verdiyi təkliflər sənəddə yer almış və yeni qaydalar Avropa Şurası çərçivəsində növbəti mərhələyə tövsiyə edilmişdir.
Aİ-nin Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti çərçivəsində Almaniya və Polşanın birgə iştirakı ilə “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) imkanlarının gücləndirilməsinə dəstək” adlı Tvinninq layihəsinə uyğun olaraq, iki il ərzində aparatın rəhbəri və 28 əməkdaşı həmin layihənin müvafiq komponentlərinin icrası ilə əlaqədar Almaniya, Polşa, Yunanıstan və Portuqaliyaya təlim səfərlərində iştirak etmişlər.
Müvəkkil ATƏT-in Parlament Assambleyasının sədri Kristin Muttoneni qəbul etmiş, ATƏT-lə insan hüquqları sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələri çərçivəsində birgə treninq və seminarların keçirildiyini, ATƏT-in İnsan Ölçüsü üzrə illik görüşlərində təsisatın nümayəndəsinin mütəmadi olaraq iştirak etdiyini, həmçinin ATƏT-in Minsk qrupunun fəaliyyətinin və tövsiyələrinin nəticəsiz olduğunu nəzərə alaraq, yeni mexanizmlərin işlənib hazırlanmasının məqsədəmüvafiq olduğunu diqqətə çatdırmışdır.
Varşavada keçirilmiş ATƏT-in İnsan Ölçüsü üzrə İllik Görüşündə iştirak edən aparatın rəhbəri işçi iclaslarda məruzə ilə çıxış etmişdir.
Aparatın beynəlxalq əlaqələr sektorunun müdiri BMT-nin İnsan Hüquqları Şurasının 35-ci sessiyasında şifahi bəyanatla çıxış etmiş, heç bir ayrı-seçkiliyə yol vermədən təhsil hüququnun təmin olunması, insan hüquqları ilə bağlı maarifləndirmə sahəsində Müvəkkilin fəaliyyəti barədə ətraflı məlumat vermişdir.
Müvəkkilin ENNHRI ilə əməkdaşlığı çərçivəsində şəbəkənin Brüssel şəhərində keçirilmiş ümumi yığıncağında aparatın beynəlxalq əlaqələr sektorunun müdiri çıxış etmiş, Müvəkkilin Dayanıqlı İnkişaf Məqsədlərinin implementasiyası sahəsindəki fəaliyyəti barədə geniş məlumat vermiş, uşaq və gənclərin iştirakını təmin edən layihə və proqramlara üstünlük verilməsini, bu sahədə milli institutların əsas tərəfdaş qurum kimi nəzərə alınmasını təklif etmişdir. ENNHRI-nin fəaliyyət proqramı çərçivəsində Müvəkkilin irəli sürdüyü təkliflərin nəzərə alınacağı bildirilmişdir.
Müvəkkil və aparatın beynəlxalq əlaqələr sektorunun müdiri Rumıniyanın Buxarest şəhərində AOİ-nin Baş Assembleyasının iclasında iştirak etmişdir. Həmin tədbirdə Müvəkkil Dayanıqlı İnkişaf Məqsədlərinin implementasiyasına dair məruzə ilə çıxış edərək, Azərbaycan təcrübəsini iştirakçılarla bölüşmüşdür.
Müvəkkilin əsaslandırılmış və təkidli etirazları nəticəsində AOİ-nin fərdi üzvü olan Ermənistan vətəndaşı Ruben Məlikyanın qondarma “Dağlıq Qarabağ Respublikası”nın “Ombudsman”ı kimi bu tədbirdə məruzə ilə çıxış etməsinin qarşısı alınmış və həqiqət iştirakçılara çatdırılmışdır.
Müvəkkil Türkiyə Ombudsmanı tərəfindən İstanbul şəhərində təşkil olunmuş Beynəlxalq Ombudsmanlar Konfransında iştirak etmiş, iştirakçılara təsisatın fəaliyyəti barədə geniş məlumat vermiş, insan hüquqlarının səmərəli müdafiəsi sahəsində müsbət təcrübələrini bölüşmüşdür. Həmin səfər çərçivəsində Müvəkkil üzvü olduğu İslam Ölkələri Əməkdaşlıq Təşkilatı nəzdində yaradılan İƏTOA-nın Baş Məclisinin iclasında da iştirak etmiş, qurumun fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində təkliflər vermişdir.
Müvəkkil BQXK-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Elena Ajmone Sesseranı qəbul etmiş, Ermənistanın Azərbaycana qarşı təcavüzü, əsir düşmüş və girov götürülmüş soydaşlarımızın, habelə Dilqəm Əsgərovun və Şahbaz Quliyevin geri qaytarılmamasının  beynəlxalq hüquq normalarına uyğun olmadığını diqqətə çatdırmış və konkret tədbirlər görülməsi zərurətini vurğulamışdır.
Müvəkkil 2016-cı il 29 dekabr tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən qətlə yetirilmiş Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Çingiz Qurbanovun meyitinin qaytarılması ilə bağlı 2017-ci ilin yanvar ayında BQXK-nin prezidenti Peter Maurerə məktubla müraciət etmişdir.
Aparatın beynəlxalq əlaqələr, habelə qaçqınların, məcburi köçkünlərin və miqrantların hüquqlarının müdafiəsi sektorlarının rəhbərləri Ankarada keçirilən Miqrantların hüquqları ilə bağlı Ombudsmanların 4-cü Beynəlxalq Simpoziumunda iştirak etmişlər. Tədbirdə beynəlxalq əlaqələr sektorunun müdiri çıxış edərək, Azərbaycanın Dağlıq Qarabağ ərazisinin və yeddi ətraf rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu bildirmiş, bunun  nəticəsində həmin ərazilərdə yaşayan azərbaycanlıların öz doğma yurdlarını tərk etmək məcburiyyətində qaldıqlarını, bir milyondan artıq qaçqın və məcburi köçkün soydaşımızın ölkənin paytaxtı Bakı şəhərində və regionlarda yerləşdirildiklərini iştirakçıların diqqətinə çatdırmışdır. Çıxışın mətni Türkiyə Respublikası və Avropa İttifaqının dəstəyi ilə simpozium üçün xüsusi hazırlanmış kitabda öz əksini tapmışdır.  
Müvəkkil Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində yaşayan mülki əhalinin qətlə yetirilməsi və mülki obyektlərin atəşə tutulması ilə əlaqədar bəyanat vermişdir. Avropanın aparıcı “New Europe” (Yeni Avropa) qəzetinin son buraxılışında Müvəkkilin həmin bəyanatının mətni əsasında hazırlanmış məqalə çap edilmişdir.

Nəticə və tövsiyələr

Ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının səmərəli təmin edilməsinə və etibarlı müdafiəsinə, o cümlədən əhalinin sosial rifahının qorunmasına xidmət edən sosial proqramların icrası üzrə həyata keçirilən tədbirlər nəticəsində narahatlıq yaradan bir sıra problemlər aradan qaldırılmış, məsələlər öz həllini tapmışdır.
Sosial yönümlü iqtisadiyyatın inkişafı, regionların sosial-iqtisadi inkişafı dövlət proqramının icrası nəticəsində regionların inkişafına dəstəyin gücləndirilməsi və islahatların dərinləşməsi, əsas diqqətin qeyri-neft sektorunun inkişaf etdirilməsinə istiqamətlənməsi, azad sahibkarlıq və biznes mühitinin yaxşılaşdırılması, yeni istehsal sahələrinin və emal müəssisələrinin işə salınması, minlərlə yeni iş yerlərinin açılması, işsizliyin və yoxsulluğun səviyyəsinin aşağı salınmasına yönəlmiş tədbirlərin həyata keçirilməsi sosial-iqtisadi inkişafın davamlılığının təmin olunmasına böyük təkan vermişdir.
Təhsil, səhiyyə, mədəniyyət və sosial təyinatlı obyektlərin yenidən qurulması və ya tikilib istifadəyə verilməsi, genişmiqyaslı yenidənqurma, tikinti-quruculuq və abadlıq işlərinın davamlılığının təmin edilməsi vətəndaşların sosial rifah halının yaxşılaşmasına xidmət etmişdir.
Bütövlükdə əhalinin, habelə onun ayrı-ayrı qruplarının müdafiəsinə yönəlmiş proqramlarda nəzərdə tutulmuş tədbirlər və infrastruktur layihələri, bununla yanaşı, insan hüquqlarının təmininin ardıcıl və sistemli inkişafı, o cümlədən müasir çağırışlara cavab verən yeni təsisat və mexanizmlərin yaradılması istiqamətində işlər davam etdirilmişdir.
Sosial-iqtisadi sahədə həyata keçirilən tədbirlər və əldə edilən uğurlar bir daha göstərir ki, milli iqtisadiyyat və onun əsas sektorları üzrə strateji yol xəritələrində və "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında nəzərdə tutulan tədbirlərin, habelə Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələn öhdəliklərin icrası çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılmasında, sosial sahədə önləyici inkişaf tendensiyasının təmin olunmasında böyük əhəmiyyət daşımaqdadır.
Əhalinin və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi naminə görülən tədbirlər və onun real nəticələri təqdirəlayiqdir. Bununla belə, sosial yönümlü bazar iqtisadiyyatının inkişaf etdirilməsi və əhalinin sosial müdafiəsi sahəsində dayanıqlığın təmin edilməsi məqsədilə azad sahibkarlığın inkişafına real təminatlar verilməsi üçün haqsız rəqabətə və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə xidmət edən tədbirlər davam etdirilməlidir.
Korporativ məsuliyyət məsələsinə diqqətin artırılması, əhalinin qayğıya ehtiyacı olan qruplarının hüquqlarının müdafiəsində daha səmərəli fəaliyyət göstərən sahibkarlara münasibətdə həvəsləndirmə tədbirlərinin tətbiqi də zəruridir.
Vətəndaşların rifah halının təmin edilməsi məqsədilə ərzaq təhlükəsizliyinin təmin edilməsi, şəffaflığın artırılması, inhisarçılığa və haqsız rəqabətə qarşı mübarizənin, habelə istehlak qiymətlərinə nəzarətin gücləndirilməsi və süni bahalaşma meyllərinin qarşısının alınması üzrə tədbirlər də ciddiləşdirilməli və davamlı xarakter daşımalıdır.
Vətəndaşların dövlət orqanlarına müraciətlərinə diqqətlə yanaşılması, məmurların öz səlahiyyətlərindən sui-istifadə etməsi hallarına son qoyması, insanların problemlərinin həllinə istiqamətlənmiş tədbirlər görülməsinə səy göstərilməsi, vətəndaşlarla münasibətdə etik davranış qaydalarına riayət edilməsinə diqqət gücləndirilməlidir.
Şikayətlərdə əks etdirilmiş halların yoxlanılması məqsədilə Müvəkkil tərəfindən aidiyyəti dövlət qurumlarına göndərilən sorğulara bəzi hallarda Konstitusiya Qanunu ilə müəyyən edilmiş müddətdə və mahiyyəti üzrə cavab verilməmişdir ki, bu da vətəndaşların hüquqlarının pozulmaqda davam etməsinə, habelə Müvəkkilə və digər mərkəzi dövlət qurumlarına təkrar şikayətlərinə səbəb olmuşdur. Odur ki, hər bir vəzifəli şəxs və məmur öz işini müasir çağırışlara, yeni tələblərə və innovativ yanaşmalara uyğun qurmalı, bütün səylər insan rifahının yüksəlməsinə və sosial proqramların icrasına yönəldilməlidir. Bu isə vətəndaşların qanunla müəyyən edilmiş qaydada qəbul edilməsini, onların müraciətlərinin səbrlə dinlənilməsini, problemlərinin öyrənilməsini və həllini tələb edir.
Yeri gəlmişkən, uzun illərdir ki, Müvəkkil struktur islahatları çərçivəsində idarəetmə və əhaliyə xidmətlərin göstərilməsi sahəsində özünü doğrultmayan, korrupsiyaya və rüşvətə şərait yaradan, fəaliyyətinin qanuni əsası olmayan və sistemsiz şəkildə fəaliyyət göstərən qurum kimi mənzil-istismar sahələrinin ləğv edilməsini və səlahiyyətlərinin bələdiyyələrə verilməsini təklif etsə də, məsələ öz həllini tapmamışdır.
Əhaliyə 200-dən artıq elektron xidmət göstərən “ASAN xidmət” mərkəzləri şəffaflığın təmin edilməsində, müasir texnologiyaların tətbiqində, dövlət-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin formalaşdırılmasında, vətəndaşların icra prosesindən razı salınmasında qarşılıqlı etimada əsaslanan fəaliyyətinin daha da genişləndirilməsi məqsədəuyğundur.
Qeyd edilənlər və mövcud vəziyyət insan hüquqlarının və azadlıqlarının daha səmərəli müdafiəsi və etibarlı təmin edilməsi məqsədilə sosial-iqtisadi həyatın bütün sahələrində ictimai nəzarət institutunun tətbiq edilməsini və genişləndirilməsini, həmçinin mərkəzi dövlət qurumları tərəfindən müvafiq yerli struktur bölmələrinin işinə nəzarətin gücləndirilməsi də zəruridir.
Müvəkkilin insan hüquqlarının səmərəli təmin edilməsi, habelə əhalinin qayğıya daha çox ehtiyacı olan aztəminatlı qruplarının sosial-iqtisadi problemlərinin kompleks həllinə yönəlmiş bir çox təklif və tövsiyələri müvafiq qanunvericilik aktlarında, habelə ölkədə sosial-iqtisadi sahələrdə həyata keçirilmiş tədbirlər çərçivəsində öz həllini tapmışdır.
Dövlət qurumları, vətəndaş cəmiyyəti institutları və icmalarla, habelə beynəlxalq təşkilatlarla və xaricdəki həmkarları ilə işgüzar əməkdaşlıq şəraitində fəaliyyət göstərən Müvəkkil ötən 15 ildə insan və vətəndaş hüquq və azadlıqlarının səmərəli təmin edilməsinə, o cümlədən əhalinin qayğıya daha çox ehtiyacı olan müxtəlif qruplarının problemlərinin həllinə yönəlmiş bir sıra yenilik və təşəbbüslərlə çıxış etmiş, fəaliyyəti dövründə səlahiyyətli dövlət qurumlarına çoxsaylı təklif və tövsiyələr təqdim etmişdir.
İnsan hüquqlarına dair müxtəlif mövzularda ənənəvi olaraq hər il, ümumilikdə isə 14 dəfə Ombudsmanların Bakı Beynəlxalq Konfransının, bütün ölkə boyu «İnsan hüquqları aylığı»nın, «Sülh aylığı»nın, «Uşaq hüquqları aylığı»nın, «10 dekabr – Beynəlxalq İnsan Hüquqları günü»nə həsr olunmuş ənənəvi “Mən və hüquqlarım” mövzusunda uşaq rəsmləri, habelə “Hüquqlar - hamı üçün!” mövzusunda jurnalist yazıları müsabiqələrinin keçirilməsi, həmçinin “18 iyun” tarixinin “Azərbaycan Respublikasında İnsan hüquqları günü” kimi qeyd edilməsi, 2009-cu ilin “Uşaq ili” elan olunması, Nazirlər Kabinetinin qərarı ilə Uşaq Tərbiyə Müəssisəsinin nəzdində Himayəçilik Şurasının yaradılması, həmçinin Uşaq Hüquqları Klinikasının  və Hüquq klinikaları şəbəkəsinin təşkil edilməsi Müvəkkilin təşəbbüsləri sırasında olmuşdur.
Beynəlxalq Ombudsmanlar İnstitutunun, Avropa Ombudsmanlar İnstitutunun, Asiya Ombudsmanlar Assosiasiyasının, Milli İnsan Hüquqları Təsisatlarının Avropa Şəbəkəsinin, İslam Ölkələri Ombudsmanları Assosiyasının, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinin üzvü seçilmiş Müvəkkil bu qurumların tədbirlərində öz təklif və təşəbbüsləri ilə iştirak və çıxışlar etmişdir.
Müvəkkil tərəfindən Müstəqil Ekspertlər Şurası, Şikayətlərin yerində araşdırılması üzrə Çevik Araşdırma Qrupu, İşgəncələrə qarşı Milli Preventiv Qrup, Biznes və insan hüquqları üzrə İşçi Qrupu, Müvəkkil yanında Uşaq hüquqları mərkəzi və Ahılların resurs mərkəzi, Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin nəzdində Liderlik məktəbi yaradılmışdır.
Milli Preventiv Mexanizm qismində fəaliyyətin, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələrin yerinə yetirilməsinə nəzarətin, BMT-nin “Əlillərin hüquqları haqqında” Konvensiyasının 33.2-ci maddəsində nəzərdə tutulan müstəqil monitorinq mexanizmi funksiyalarının həvalə edildiyi Müvəkkil tərəfindən İşgəncələrin qarşısının alınması məqsədilə qaynar xətt xidməti və uşaq qaynar xətt xidməti yaradılmışdır.
Orta məktəblərdə uşaq hüquqları üzrə pilləli tədris proqramının tətbiqi, Bakı Dövlət Universitetində bakalavriat və magistratura səviyyələrində insan hüquqlarının, habelə “Genderə giriş” fənninin tədris olunması da Müvəkkilin təşəbbüsləri sırasındadır.
Müvəkkilin müxtəlif vaxtlarda təqdim etdiyi vəsatətlərə əsasən ümumilikdə 566, o cümlədən 2017-ci ildə 48 məhkum əfv olunmuşlar.
Müvəkkilin birbaşa rəhbərliyi və ümumi redaktəsi ilə insan hüquqlarının müxtəlif istiqamətlərinə dair 190 adda maarifləndirmə nəşrləri (kitab, broşur, liflet, dərslik, dərs vəsaitləri) çap olunmuş, əhali və geniş ictimaiyyət arasında yayılmış, dövlət qurumları, tədris müəssisələri və kitabxanalara paylanmış, təsisatın nəşrlərinin kolleksiya və milli rəqəmsal yaddaş bazasına daxil edilməsi ilə bağlı AMEA-nın Mərkəzi Elmi Kitabxanası ilə əməkdaşlıq memorandumu imzalanmışdır.
Beynəlxalq və regional təşkilatlarla, o cümlədən Avropa İttifaqı ilə birgə layihələr həyata keçirilmiş, Almaniya və Polşadan olan tərəfdaşlarla 24 ay ərzində uğurla həyata keçirilmiş “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) imkanlarının gücləndirilməsinə dəstək” adlı Tvinninq layihəsi çərçivəsində Müvəkkilin işi beynəlxalq ekspertlər tərəfindən yüksək dəyərləndirilmiş, bəzi innovativ təşəbbüsləri müsbət təcrübə kimi qəbul olunmuş və tövsiyə edilmişdir.
MPM kimi fəaliyyətin və “İnformasiya əldə etmək haqqında” Qanunun icrasına nəzarət mexanizminin təkmilləşdirilməsi, habelə uşaqların, əlilliyi olan şəxslərin və ahılların hüquqlarının daha səmərəli müdafiəsi məqsədilə aparatın 29 əməkdaşının iştirakı ilə Almaniya, Polşa, Yunanıstan və Portuqaliyada təcrübə mübadilələri aparılmış, nəticədə bu fəaliyyət istiqamətləri üzrə strategiya və fəaliyyət planları hazırlanmışdır.
Ermənistanın Azərbaycana təcavüzü nəticəsində soydaşlarımızın pozulmuş hüquq və azadlıqlarının müdafiəsi məsələsi Müvəkkilin əsas fəaliyyət istiqamətlərindən biri olmuş, bütün xalqın, o cümlədən geniş ictimaiyyətin diqqətində olan mühüm məsələlərlə bağlı Müvəkkilin ümumilikdə 122 bəyanatı yayılmışdır.
“1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” ölkə Prezidentinin 2018-ci il 18 yanvar tarixli Sərəncamı erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması baxımından üzərimizə mühüm vəzifələr qoymuşdur.
2018-ci ildə, eyni zamanda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının, həmçinin azərbaycanlıların soyqırımının 100 illiyi də qeyd ediləcəkdir.
Müvəkkilin təşəbbüsü və təklifi ilə “Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı” və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” qəbul edilmiş, həmin sənədlərdə nəzərdə tutulmuş tədbirlərin icrası, təbliği və tətbiqi vəziyyətinin öyrənilməsi ilə bağlı respublikanın bütün şəhər və rayonlarında davamlı olaraq ictimai dinləmələr və digər tədbirlər keçirilmişdir. 
Qeyd edilənlərlə yanaşı, Müvəkkilin fəaliyyəti dövründə təklifləri də nəzərə alınaraq, Beynəlxalq Əmək Təşkilatının “Kişi və qadın işçilər – ailə vəzifələri olan işçilər üçün bərabər imkanlar və bərabər rəftar haqqında” 156, “Analığın mühafizəsi haqqında” 1952-ci il Konvensiyasına (yenidən baxılmış) yenidən baxılması haqqında” 183 saylı konvensiyaları ratifikasiya edilmiş, “Vətəndaşların müraciətlərinə baxılması haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, “Dini ekstremizmə qarşı mübarizə haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunlar qəbul edilmiş, Cinayət Məcəlləsinin 133-cü maddəsi BMT-nin «İşgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza növləri əleyhinə» Konvensiyasının 1-ci maddəsinə uyğunlaşdırılmış, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunlarına, Əmək, Cinayət, İnzibati Xətalar məcəllələrinə əlavə və dəyişikliklər edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin “Ailə, qadın və uşaq məsələləri komitəsi” yaradılmışdır.
İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının səmərəli təmin edilməsi və etibarlı müdafiəsi məqsədilə Müvəkkilin illik məruzələrində irəli sürdüyü, habelə aidiyyəti dövlət qurumlarına göndərdiyi bir sıra təklif və tövsiyələr təəssüf ki, hələ də öz həllini gözləməkdədir.
Müvəkkil illik məruzələrində irəli sürülmüş, habelə səlahiyyətli dövlət qurumlarına təqdim edilmiş və əhalinin, o cümlədən aztəminatlı ailələrin və qayğıya daha çox ehtiyacı olan qrupların insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması məqsədilə aşağıdakıları təklif edir:

- Dayanıqlı İnkişaf Məqsədləri (DİM), “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyası, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” və digər dövlət proqramları, habelə Strateji Yol xəritələrində əks etdirilmiş insan hüquqları ilə bağlı müddəa və tövsiyələrin öyrənilməsi, bu məqsədlə mərkəzi və yerli icra hakimiyyətləri orqanlarını, vətəndaş cəmiyyəti institutlarını və beynəlxalq təşkilatları da cəlb etməklə birgə səylərlə icrası prosesinə dəstəyin verilməsi, əhali arasında geniş maarifləndirmə işinin təşkil edilməsi, habelə DİM üzrə işçi qruplarının tərkibinə müxtəlif sahələrdə ixtisaslaşmış QHT-lərin cəlb olunması, birgə monitorinqlərin davam etdirilməsi və nəticələri üzrə səlahiyyətli orqanlara təkliflərin verilməsi;

- BMT-nin “Bütün şəxslərin zorakı itkin düşmələrdən müdafiəsi üzrə Beynəlxalq Konvensiya”sının, Avropa Şurasının 2011-ci il 11 may tarixli “Qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və onlarla mübarizə haqqında”, habelə “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” konvensiyalarının, ölkəmiz tərəfindən imzalanmış “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın Fakültativ Protokolunun ratifikasiyasının sürətləndirilməsi, BMT-nin Uşaq hüquqları konvensiyasının şikayətlərin verilməsi mexanizmi ilə bağlı III Fakültativ Protokolunun imzalanması və ratifikasiya edilməsi, “Reproduktiv sağlamlıq haqqında”, “Pasiyentlərin hüquqlarının müdafiəsi haqqında”, “Psixoloji yardım haqqında”, “Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması haqqında", “Uşaqların cismani cəzadan müdafiəsi haqqında”, “Yuvenal ədliyyə haqqında”, “Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi haqqında” qanunların qəbul edilməsi, “Aliment Fondu”nun yaradılması üzrə qərarların qəbul edilməsinin sürətləndirilməsi;

 - Azərbaycan Respublikasının Universal Dövri İcmal, habelə BMT-nin saziş qurumlarına hesabatların, həmçinin Müvəkkil tərəfindən paralel, vətəndaş cəmiyyəti institutları tərəfindən isə alternativ hesabatların təqdim ediləcəyini nəzərə alaraq, bu sahədə dövlət qurumlarının beynəlxalq təşkilatlar və QHT-lərlə əməkdaşlığının gücləndirilməsi, habelə ictimai müzakirələrin aparılması;

- 2004-cü il 6 yanvar tarixində ölkəmiz tərəfindən müvafiq bəyanatlarla təsdiq edilmiş 1996-cı il 3 may tarixli «Dəyişdirilmiş Avropa Sosial Xartiyası»nın 2-ci (ədalətli əmək şəraiti hüququ), 3-cü (təhlükəsiz və sağlam əmək şəraiti hüququ), 10-cu (peşə hazırlığı hüququ), 13-cü (sosial və tibbi yardım hüququ), 15-ci (əlil şəxslərin müstəqillik, sosal inteqrasiya və ictimai həyatda iştirak etmək hüququ), 17-ci (uşaqların və gənclərin sosial, hüquqi və iqtisadi müdafiə hüququ), 19-cu (əmək miqrantlarının və onların ailələrinin müdafiə və yardım hüququ), 23-cü (ahıl yaşlı şəxslərin sosial müdafiə hüququ), 30-cu (yoxsulluq və sosial təcridolunmadan müdafiə hüququ) və 31-ci (yaşamaq yeri hüququ) maddələrinin tədricən ratifikasiya edilməsi;

- yaşayış sahəsinə ehtiyacı olan vətəndaşların mənzilə tələbatının səmərəli təmin edilməsi məqsədilə Mənzil Məcəlləsinin 51.7-ci maddəsində nəzərdə tutulmuş “Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası”nın hazırlanaraq təsdiq edilməsi prosesinin sürətləndirilməsi;

- “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 fevral tarixli Sərəncamından irəli gələn hüquqi islahatların davam etdirilməsi və bu sahədə geniş izahat və hüquqi maarifləndirmə işinin aparılması;

- cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəzaların icrasına effektiv nəzarətin təşkili və bu sahədə idarəetmənin səmərəliliyinin artırılması məqsədilə Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin fəaliyyətinin genişləndirilməsi, cəza çəkən şəxslərlə yanaşı, keçmiş məhkumların da cəlb olunacağı reabilitasiya və cəmiyyətə adaptasiya proqramlarının hazırlanması və icra edilməsi;

- cinayətkarlığın qarşısının alınması məqsədilə həyata keçiriləcək preventiv tədbirlər prosesinə sosial işçilərin və psixoloqların daha fəal cəlb olunması;

- Vətəndaşların şərəf və ləyaqətinin müdafiəsi hüququnun məcburetmə səlahiyyətlərinə malik müvafiq dövlət qurumları tərəfindən baş verən və ya baş verə biləcək pozulması hallarına yol verilməməsi, habelə qarşısının alınması, vətəndaşlarda qanunun aliliyinə və ədalətə olan inamın daha da artması, etimadın yüksəlməsi məqsədilə maarifləndirmə tədbirlərinin davamlılığının təmin olunması və bu sahənin hüquqi tənzimlənmə mexanizmlərinin təkmilləşdirilməsi;

- Dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxslər üçün güzəştli ipoteka kreditindən istifadə etmək hüququnun əldə edilməsi ilə bağlı müvafiq normativ hüquqi aktlarda müəyyən edilmiş 15 il iş stajının digər imtiyazlı peşə sahiblərinin staj müddətinə uyğunlaşdırılması (ən azı 5 və ya 7 ilə endirilməsi) məqsədilə həmin aktlarda müvafiq dəyişikliklərin edilməsi;

- Uşaqların, habelə onları böyüdən tənha anaların hüquqlarının və qanuni maraqlarının təmini məqsədilə aliment tələbinə dair məhkəmə qərarlarının icrasının təmin edilməsi sahəsində mövcud olan problemlərin həllinə istiqamətlənmiş hüquqi mexanizmin müəyyən edilməsi;

- Hər bir şəhər və rayonda vəkillik xidmətinin təmin edilməsi, vəkillərin sayının artırılması və müntəzəm fəaliyyət göstərən hüquq məsləhətxanalarının yaradılması;

- Hüquqi yardımın keyfiyyətini artırmaq məqsədilə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli, 31 saylı qərarının 1-ci bəndində göstərilmiş məbləğin artırılması;

- Əmək müqaviləsi bağlanılmadan işə cəlb etmə hallarının və qeyri-rəsmi məşğulluğun qarşısının alınması üçün işəgötürənlər (müəssisələr) tərəfindən işçilərə görə ödənilən sosial ödəniş faizinin aşağı salınması, habelə birdəfəlik ödənişlər yolu ilə güzəştlərin tətbiqi məqsədilə müvafiq qanunvericilik aktlarının təkmilləşdirilməsi;

- İşləyən pensiyaçıların sosial təminat hüququnun səmərəli təmin edilməsi və onların məcburi dövlət sosial sığorta haqqı ödəməkdən azad edilməsi məqsədilə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq dəyişikliklərin edilməsi;

- Biznes və insan hüquqları sahəsində milli və beynəlxalq qanunvericilik aktlarından ibarət normativ sənədlər toplusunun hazırlanması, biznes strukturları da cəlb olunmaqla birgə marifləndirmə tədbirlərinin həyata keçirilməsi, habelə insan hüquqlarına riayət olunmasının, biznes qurumları ilə vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın təşviqi;

- Korporativ Sosial Məsuliyyətin normativ hüquqi bazasının möhkəmləndirilməsi və təbliği, müvafiq dövlət proqramının hazırlanması, aidiyyəti dövlət qurumları və biznes strukturları (sahibkarlar) tərəfindən beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi;

- Dinlər və mədəniyyətlərarası əməkdaşlığın, sülhün bərqərar olunmasına xidmət edən dialoqun inkişaf etdirilməsi, respublikanın tolerantlıq siyasətinin dünyada tanıdılması məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və digər aidiyyəti dövlət qurumlarının, vətəndaş cəmiyyəti institutlarının, dini icmaların və milli-etnik mədəniyyət mərkəzlərinin nümayəndələri cəlb edilməklə şəbəkə şəklində fəaliyyətin formalaşdırılması və genişləndirilməsi;

- Dini tolerantlığın uşaq və gənclərə aşılanması məqsədilə dinşünas və ilahiyyatçı alimlərin iştirakı ilə bütün səviyyələrdə təhsil müəssisələrində maarifləndirmə tədbirlərinin keçirilməsi, dinlərarası dialoqun inkişaf etdirilməsinə xidmət edən müxtəlif hüquqi nəşrlərin hazırlanması, kütləvi informasiya vasitələrinin dini maarifləndirmə işinə cəlb olunması;

- Nazirlər Kabinetinin 2005-ci il 7 mart tarixli, 38 saylı Qərarının 2-ci bəndində nəzərdə tutulmuş və Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş "Pulsuz dərman reseptləri əsasında verilən dərman preparatlarının siyahısı"nın real vəziyyətə uyğunlaşdırılması və yeni tələbata  müvafiq dərman preparatlarının və çeşidinin artırılması;

- Sağlam həyat tərzinə mənfi təsir edən, yeniyetmə və gənclərin sağlamlığına və mənəviyyatına zərər vuran, onlara psixoloji təsir edən və asılılıq yaradan, ailələrin dağılmasına səbəb olan halların qarşısının alınması məqsədilə güclü təsir edən maddələrin qanunsuz dövriyyəsində iştirak edən şəxslərin qanunsuz əməllərinə, o cümlədən narkotik tərkibli dərmanların həkim resepti olmadan satışına qarşı mübarizənin gücləndirilməsi, aidiyyəti səlahiyyətli dövlət qurumlarının nümayəndələri tərəfindən birgə monitorinqlərin aparılması;

- Pasientlərin sağlamlığının qorunması hüququnun etibarlı təmin edilməsi məqsədilə özəl tibb müəssisələrinin fəaliyyətinə nəzarətin gücləndirilməsi;

- Psixonevroloji müəssisələrin binalarının yenidən qurulması və ya əsaslı təmir edilməsi, müvafiq avadanlıqlarla və dərman preparatları ilə təmin olunması, orada çalışan personalın sosial müdafiəsinin gücləndirilməsi üzrə tədbirlərin davam etdirilməsi;

- Gənclərin təhsil məsələlərinə diqqətin artırılması məqsədilə aztəminatlı ailələrdən olan tələbələrə təhsil haqqının ödənilməsində güzəştlərin nəzərdə tutulması;

- BMT-nin Uşaq Hüquqları Komitəsinin tövsiyələrini nəzərə alaraq, yerli icra hakimiyyəti orqanları yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların zəruri insan və texniki resurslarla təmin olunması;

- Nazirlər Kabinetinin 2015-ci il 7 oktyabr tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün “Məzun evi” Sosial Müəssisəsinin Nizamnaməsi”nin 4.2-ci bəndinə Bu Nizamnamə qüvvəyə mindiyi günə kimi məzun olmuş şəxslərin Müəssisəyə qəbulu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir.” yeni məzmunda ikinci cümlənin əlavə edilməsi, habelə 4.3-cü bəndindən “Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təqdim olunan siyahıdakı” sözlərinin çıxarılması;

- Sosial xidmət müəssisələrinin, xüsusilə də yeni formalaşdırılan reabilitasiya və sosial sığınacaq məqsədli müəssisələrin, eləcə də uşaq evlərinin lazımi kadrlarla (sosail işçi, psixoloq, loqoped və s.) təmin edilməsi və əmək haqlarının artırılması;

- “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 10-cu hissəsində göstərilmiş “qanunvericiliklə müəyyən olunmuş qaydada valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə fərdi ev tikintisi üçün torpaq sahələrinin ayrılması və məqsədli qaytarılmayan ssudanın verilməsi” üzrə yeni hüquqi mexanizmlərin hazırlanması və təsdiq edilməsi;

- Respublikanın regionlarında, xüsusilə kənd yerlərində vətəndaşların nikahın və doğumun qeydiyyata alınması ilə bağlı vaxtında müraciət etməsi üçün şəhər və rayon icra hakimiyyəti başçılarının inzibati ərazi vahidləri üzrə nümayəndəlikləri və bələdiyyələr, habelə yerli tibb müəssisələri tərəfindən müntəzəm maarifləndirmə və məlumatlandırma işinin aparılması;

- İdarəetmə və əhaliyə xidmətlərin göstərilməsi sahəsində özünü doğrultmayan, korrupsiyaya və rüşvətə şərait yaradan, fəaliyyətinin qanuni əsası olmayan və sistemsiz şəkildə fəaliyyət göstərən mənzil-istismar sahələrinin ləğv edilməsi və səlahiyyətlərinin bələdiyyələrə verilməsi;

- BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsinin Azərbaycan Hökumətinə 2015-ci ildə təqdim etdiyi son tövsiyələri nəzərə alınaraq, zorakılıq qurbanı olan qadınlar üçün regional sığınacaqların sayının ehtiyaca uyğun artırılması;
 
- Qadın siyasətçilər, sahibkarlar və müxtəlif qeyri-hökumət təşkilatlarında təmsil olunan fəal qadınlar şəbəkəsinin yaradılması və onun gender bərabərliyinin təmin edilməsinə dəstək istiqamətində təşkilatlandırılması;

- Ahıl və orta yaşlıların təcrübəsindən, gənc nəslin innovativ yanaşma və biliklərindən faydalanaraq nəsillər arasında körpülərin qurulması üzrə fəaliyyətin gücləndirilməsi;

- BMT-nin “Əlillərin hüquqları haqqında” Konvensiyasının 33.2-ci maddəsi ilə nəzərdə tutulmuş müstəqil monitorinq mexanizmi funksiyalarının Müvəkkil tərəfindən həyata keçirildiyi nəzərə alınaraq, Müvəkkil aparatının strukturunun təkmilləşdirilməsi və bu məqsədlə Konstitusiya Qanununa zəruri əlavə və dəyişikliklərin edilməsi;

- Sosial infrastruktur obyektlərinin, ictimai nəqliyyat vasitələrinin və yolların əlilliyi olan şəxslər üçün müyəssərliyinin təmini məqsədilə tədbirlərin davam etdirilməsi;

- Sağlamlığında ciddi problemləri olan 18 yaşadək uşaqlara müraciət olunduğu gündən 6 ay müddət tamam olmaması səbəb göstərilməklə sağlamlıq imkanları məhdudluğunun müəyyən edilməsindən imtina hallarının qarşısının alınması üzrə ciddi tədbirlərin görülməsi;

- Regionlarda xüsusi qayğıya ehtiyacı olan, sağlamlıq imkanları məhdud uşaqlar üçün reabilitasiya mərkəzlərinin və müvafiq inklüziv təhsil müəssisələri şəbəkəsinin inkişaf etdirilməsi;

- Məhkumların islah olunmasına, peşə hazırlığına, sosiallaşmasına, habelə onların mülki iddialardan irəli gələn borclarının, o cümlədən alimentin ödənilməsinə, ailələrinə maddi dəstək vermələrinə imkan yaradılması məqsədilə cəzaçəkmə müəssisələrində mövcud olmuş istehsal sahələrinin bərpa edilməsi, müasir avadanlıqlarla təchiz olunmuş yeni istehsal sahələrinin yaradılması və məhsulların satışının təşkili üzrə tədbirlərin davam etdirilməsi, bu proseslərə sahibkarların cəlb olunması;

- Məcburi köçkünlərin məskunlaşdığı, digər şəxslərin xüsusi mülkiyyətində olan, habelə artıq orderləşdirilmiş mənzillərdən çıxarılması ilə bağlı məhkəmə qərarlarının icrasının təmin edilməsi, həmçinin sosial obyektlərin təyinatı üzrə istifadəsi məqsədilə mövcud imkanlar nəzərə alınmaqla onların köçürülməsinin sürətləndirilməsi;

- Həqiqi hərbi xidmət illərində istifadə edilməmiş məzuniyyətlərə görə kompensasiyanın verilməsinin başa çatdırılması;

- Hərbi qulluqçulara müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası məbləğinin real qiymətlərə uyğun artırılması;

- Şəhid olmuş hərbi qulluqçuların ailə üzvlərinə və əlil olmuş şəxslərə sığorta məbləğinin ödənilməsinin qayda və şərtlərinin müəyyən olunması məqsədilə Milli Məclis tərəfindən müvafiq qanuna dəyişiklik edilməsinin sürətləndirilməsi;

- Aidiyyəti səlahiyyətli dövlət qurumları, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Azərbaycan Mətbuat Şurası tərəfindən əlaqəli şəkildə jurnalistlərin peşəkarlığının artırılmasına, habelə gənc jurnalist kadrların yetişdirilməsinə yönəlmiş tədbirlərin, treninq və seminarların davam etdirilməsi;

- İnformasiya sahibi olan dövlət qurumlarının «İnformasiya əldə etmək haqqında» Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş vəzifələrin, o cümlədən informasiya sorğularının təmin edilməsi üçün icra mexanizmlərinin təkmilləşdirilməsi;

- Uşaq televiziyasının yaradılması işinin sürətləndirilməsi, habelə televiziya kanallarında uşaq və gənclərin inkişafına ünvanlanmış və tərbiyəvi xarakterli verilişlərin hazırlanması, sosial reklamların yayımlanması, yeni hüquqi mexanizmlərin müəyyən edilməsi, həmçinin milli-mənəvi dəyərləri təbliğ edən internet portallarının yaradılması;

- Müsbət təcrübəyə malik olan QHT-lərin regionlarda liderlik bacarıqlarını inkişaf etdirmək məqsədilə onların bölmələrinin yaradılmasının təşviq edilməsi;

- Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda 2016-2017-ci illərdə Müvəkkilin “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələri yerinə yetirməsinə nəzarət imkanlarının gücləndirilməsi üzrə tədbirlərin görülməsi məqsədilə Ombudsman aparatının strukturunun təkmilləşdirilməsi;

- “Elektron hökumət” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 5 fevral tarixli Fərmanında irəli sürülmüş məqsədlərə nail olunması üçün Ombudsman təsisatında Elektron Sənəd Dövriyyəsinin tətbiqi və İnformasiyanın İdarə Olunması Sisteminin təkmilləşdirilməsi məqsədilə aparatda müasir elektron informasiya bazasının yaradılmasına dəstək verilməsi;

Mühüm tarixi hadisələrlə zəngin olan 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci və hakimiyyətə qayıdışının 25-ci ildönümləri, habelə BMT-nin insan hüquqlarına dair ümumi bəyannaməsinin qəbul olunmasının 70 illiyi münasibətilə Müvəkkil “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 1.8-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Milli Məclisinə amnistiya aktının qəbul edilməsini təklif edir.
Müvəkkil tərəfindən həyata keçirilmiş fəaliyyətin, o cümlədən müxtəlif tədbirlərin, ictimai dinləmələrin və əhali qrupları ilə görüşlərin nəticələri göstərmişdir ki, insan hüquqlarının təmin edilməsinə məsul olan dövlət qurumlarının imkanları təşkilatlanmalı, əlaqələndirilməli və səfərbər edilməli, vətəndaş cəmiyyəti təsisatları da cəlb edilməklə qarşılıqlı əməkdaşlıq davam etdirilməlidir.

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi