AŞPA

ATƏT-in Minsk Konfransının məşğul olduğu Dağlıq Qarabağ bölgəsi üzərində münaqişə 1416 (2005) saylı Qətnamə (1)

ATƏT-in Minsk Konfransının məşğul olduğu Dağlıq Qarabağ bölgəsi üzərində münaqişə 1690 (2005) saylı Tövsiyə (1)

AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASI DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNƏ DAİR QƏTNAMƏ 1047 (1994)

AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASI ERMƏNİSTAN VƏ AZƏRBAYCANDA QAÇQIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN HUMANİTAR VƏZİYYƏTİNƏ DAİR QƏTNAMƏ 1059 (1995)1

AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASI ZAQAFQAZİYADA MÜNAQİŞƏLƏRƏ DAİR QƏTNAMƏ 1119 (1997)1

AVROPA ŞURASI NAZİRLƏR KOMİTƏSİ DAĞLIQ QARABAĞA DAİR BƏYANNAMƏ

AVROPA ŞURASI NAZİRLƏR KOMİTƏSİ DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN GƏRGİNLƏŞMƏSİNƏ DAİR BƏYANNAMƏ

AVROPA ŞURASI NAZİRLƏR KOMİTƏSİ KOMMÜNİKE

AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASI DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNƏ DAİR TÖVSİYƏ 1251 (1994)1

AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASI ERMƏNİSTAN VƏ AZƏRBAYCANDA QAÇQIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN HUMANİTAR VƏZİYYƏTİNƏ DAİR TÖVSİYƏ 1263 (1995) 

 

İlkin nəşr

ATƏT-in Minsk Konfransının məşğul olduğu Dağlıq Qarabağ bölgəsi üzərində münaqişə
1416 (2005) saylı Qətnamə (1)

  1. Parlament Assambleyası silahlı əməliyyatların başlamasından on ildən artıq bir müddətin keçməsinə baxmayaraq, Dağlıq Qarabağ bölgəsi üzərində münaqişənin həll olunmamış qalmasından təəssüflənir. Yüz minlərlə insan hələ də köçkündür və acınacaqlı şəraitdə yaşayır. Azərbaycan ərazisinin əhəmiyyətli hissələri hələ də Erməni qüvvələri tərəfindən işğal altındadır və separatist qüvvələr hələ də Dağlıq Qarabağ bölgəsinə nəzarət edirlər.

  2. Assambleya hərbi əməliyyatların və bundan əvvəl başlamış kütləvi etnik düşmənçiliyin qorxunc etnik təmizləmə anlayışını xatırladan genişmiqyaslı etnik qovulmaya və mono-etnik ərazilərin yaranmasına gətirib çıxarması ilə bağlı öz narahatlığını ifadə edir. Assambleya bir daha təsdiq edir ki, bir dövlətin ərazisindən regional ərazinin ayrılması və müstəqilliyi etnik qovulmaya və bu cür ərazinin digər dövlətə de-fakto birləşdirilməsinə gətirib çıxaran silahlı münaqişə yolu ilə deyil, yalnız bu ərazinin əhalisinin demokratik dəstəyinə əsaslanan qanuni və dinc proses vasitəsilə əldə oluna bilər. Assambleya üzv dövlət tərəfindən xarici ərazinin işğalının həmin dövlətin Avropa Şurasının üzvü kimi öz üzərinə götürdüyü öhdəliklərin ciddi şəkildə pozulması demək olduğunu xatırladır və münaqişə ərazisindən köçkün düşmüş şəxslərin öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıtması hüququnu bir daha təsdiq edir.

  3. Assambleya Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı Qətnamələrini xatırladır və əlaqədar tərəflərin, xüsusilə silahlı əməliyyatlardan çəkinməklə və istənilən işğal olunmuş ərazilərdən silahlı qüvvələri çıxarmaqla, onlara riayət etməsini təkid edir. Assambleya Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 853 (1993) saylı Qətnaməsində ifadə olunmuş tələbə tərəfdar çıxır və beləliklə, bütün üzv dövlətlərin münaqişənin intensivləşdirilməsinə və ya ərazinin işğalının davam etməsinə gətirib çıxara bilən silah və sursat təchizatından çəkinməsini təkid edir.

  4. Assambleya xatırladır ki, həm Ermənistan, həm də Azərbaycan 2001-ci ilin yanvarında Avropa Şurasına daxil olarkən öz qonşularına qarşı zor tətbiq etmək hədəsindən çəkinməklə münaqişəni yalnız dinc vasitələrlə həll etmək öhdəliyini götürmüşlər. Eyni zamanda, Ermənistan münaqişənin həllini təşviq etmək üçün Dağlıq Qarabağ üzərində əhəmiyyətli təsirindən istifadə etməyi öz üzərinə götürmüşdür. Assambleya hər iki Hökumətin bu öhdəliklərə əməl etməsini, eləcə də bir-birinə qarşı silahlı qüvvələrdən istifadə etməkdən və hərbi əməliyyatları təbliğ etməkdən çəkinməsini təkid edir.

  5. Assambleya Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (ATƏM) Nazirlər Şurasının 1992-ci ilin mart ayında Helsinkidə münaqişənin dinc yolla həlli üzrə danışıqlar forumunun təmin edilməsi məqsədilə Minskdə konfrans keçirmək barədə razılıq əldə etdiyini xatırladır. Ermənistan, Azərbaycan, Belarus, keçmiş Çex və Slovak Federal Respublikası, Fransa, Almaniya, İtaliya, Rusiya Federasiyası, İsveç, Türkiyə və Amerika Birləşmiş Ştatları həmin vaxt Konfransda iştirak etməyə razılıq vermişdirlər. Assambleya bu dövlətləri münaqişənin dinc yolla həllinə nail olmaq üçün öz səylərini artırmağa çağırır və onların Assambleyadakı milli nümayəndə heyətlərini bununla əlaqədar öz hökumətlərinin gördüyü tədbirlər barədə hər il Assambleyaya məruzə etməyə dəvət edir. Bu məqsədlə, Assambleya öz Bürosundan bu milli nümayəndə heyətlərinin başçılarının da daxil olduğu ad hoc Komitə yaratmağı xahiş edir.

  6. Assambleya, xüsusilə də 1994-cü ilin may ayında atəşkəsə nail olunmasına və həmin vaxtdan etibarən atəşkəsə riayət olunmasının monitorinqinə görə, Minsk Qrupunun Həmsədrlərinin və ATƏT-in Fəaliyyətdə olan Sədrinin Şəxsi nümayəndəsinin yorulmaq bilmədən göstərdikləri səylərini yüksək qiymətləndirir. Assambleya ATƏT-in Minsk Qrupu Həmsədrlərini silahlı münaqişənin dayandırılması barədə, həyata keçirilməsi münaqişənin bütün tərəflər üçün başlıca nəticələrini aradan qaldıracaq və Minsk Konfransının çağırılmasına imkan verəcək siyasi sazişin bağlanılması üzrə danışıqları sürətləndirmək üçün təcili addımlar atmağa çağırır. Assambleya və Ermənistanı Azərbaycan ATƏT-in Minsk Prosesindən faydalanmağa və Minsk Qrupu vasitəsilə münaqişənin beynəlxalq hüququn müvafiq norma və prinsiplərinə uyğun olaraq dinc yolla həlli üçün öz konstruktiv təkliflərini bir-birinə fəal surətdə təqdim etməyə çağırır.

  7. Assambleya Azərbaycan və Ermənistanın Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsini imzalamalarını və Nizamnamənin 93-cü Maddəsinin 1-ci bəndinə uyğun olaraq, ipso facto Beynəlxalq Ədalət Məhkəməsinin Statutuna tərəfdar çıxmalarını xatırladır. Bununla əlaqədar olaraq, Assambleya Minsk Qrupunun Həmsədrlərinin himayəsi altında keçirilən danışıqların uğursuzluqla nəticələnəcəyi təqdirdə, Azərbaycan və Ermənistanı Məhkəmənin Statutunun 36-cı Maddəsinin 1-ci bəndinə uyğun olaraq, Beynəlxalq Ədalət Məhkəməsindən faydalanmağı nəzərdən keçirmələrini təklif edir.

  8. Assambleya Azərbaycan və Ermənistanı Assambleya daxilində, eləcə də Qafqaz Dördlüyünün Parlament Spikerlərinin görüşləri kimi digər forumlarda ikitərəfli parlamentlərarası əməkdaşlığı gücləndirməklə özləri arasında siyasi barışığı təşviq etməyə çağırır. O, hər iki nümayəndə heyətinin bu cür barışıq istiqamətində tərəqqini nəzərdən keçirmək üçün Assambleyanın hər hissəvi-sessiyasında görüşməsini tövsiyə edir.

  9. Assambleya Azərbaycan Hökumətini bölgənin gələcək statusu ilə bağlı Dağlıq Qarabağ bölgəsinin hər iki icmasının siyasi nümayəndələri ilə qeyd-şərtsiz əlaqə qurmağa çağırır. O, bu cür əlaqələr üçün Strasburqda şərait yaradılmasına hazır olduğunu qeyd edir və bir neçə dəfə ermənilərin iştirakı ilə dinləmələr formasında bunu həyata keçirdiyini xatırladır.

  10. Assambleya, özünün Azərbaycan, Ermənistan və Gürcüstanda qaçqınların və məcburi köçkünlərin vəziyyətinə dair 1570 (2002) saylı Tövsiyəsini xatırladaraq, bütün üzv və müşahidəçi dövlətləri etnik ermənilərin Azərbaycandan və etnik Azərbaycanlıların Ermənistandan qovulması və silahlı əməliyyatlar nəticəsində köçkün düşmüş yüz minlərlə insana humanitar yardım və kömək göstərməyə çağırır.
  11. Assambleya Ermənistan və Azərbaycan kütləvi informasiya vasitələrində əks olunan bütün nifrət ifadələrini mühakimə edir. Assambleya Ermənistan və Azərbaycana müraciət edərək, məktəblər, universitetlər və KİV vasitəsi ilə öz xalqları arasında qarşılıqlı barışığı, etimad yaradılmasını və qarşılıqlı anlaşmanı təşviq etməyə çağırır. Belə bir barışığın olmadığı təqdirdə, nifrət və etimadsızlıq bölgədə sabitliyə mane olacaq və yeni zorakılığa gətirib çıxaracaqdır. İstənilən davamlı həldən əvvəl və həll zamanı bu cür barışıq prosesi həyata keçirilməlidir.

  12. Assambleya Avropa Şurasının Baş Katibini Ermənistan və Azərbaycana qarşılıqlı barışıq prosesinə yönəlmiş xüsusi dəstək verilməsi üçün fəaliyyət planı hazırlamağa, eləcə də Ermənistan və Azərbaycana dair tədbirlər barədə qərar verərkən bu qətnaməni nəzərə almağa çağırır.

  13. Assambleya Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresini Ermənistan və Azərbaycanda bələdiyyələrə seçilən nümayəndələrə qarşılıqlı əlaqələrin və bölgələrarası qarşılıqlı əməkdaşlığın qurulmasında yardım etməyə çağırır.

  14. Assambleya, insan hüquqlarına, sabitliyə və sülhə təhlükə törədən ikitərəfli münaqişələri və daxili mübahisələri yerli və regional ərazi icmalarını və hakimiyyətləri cəlb etməklə dinc yolla həll etmək üçün özünün üzv dövlətlərini daha yaxşı mexanizmlərlə təmin etmək məqsədilə Avropa Şurasının münaqişələrin həlli üzrə mövcud mexanizmlərini, xüsusilə də Mübahisələrin dinc yolla həlli üzrə Avropa Konvensiyasını təhlil etməkdə qərarlıdır.

  15. Assambleya bu münaqişənin dinc yolla həllinin mütəmadi əsasda monitorinqini davam etdirməkdə qərarlıdır və bu məsələnin nəzərdən keçirilməsinə özünün 2006-cı ildə ilk hissəvi-sessiyasında qayıtmağa qərar verir.

(1) 2005-ci il yanvarın 25-də Assambleyanın müzakirəsi (2-ci iclas) (Bax Siyasi məsələlər komitəsinin məruzəsi, Sənəd.10364, məruzəçi: cənab Atkinson). 2005-ci il yanvarın 25-də Assambleya tərəfindən qəbul olunmuş mətn (2-ci iclas).

Yuxarı 

 

ATƏT-in Minsk Konfransının məşğul olduğu Dağlıq Qarabağ bölgəsi üzərində münaqişə 1690 (2005) saylı Tövsiyə (1)

Parlament Assambleyası ATƏT-in Minsk Konfransının məşğul olduğu münaqişəyə dair özünün 1416 (2005) saylı tövsiyəsinə istinad edərək, Nazirlər Komitəsinə aşağıdakıları tövsiyə edir:

  1. Xüsusilə hərbi əməliyyatlardan çəkinmə və Azərbaycanın bütün işğal olunmuş ərazilərindən hərbi qüvvələrin geri çəkilməsi də daxil olmaqla, əlaqədar tərəfləri BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993), 884 (1993) saylı qətnamələrinə əməl etməyə çağırsın;

  2. Azərbaycan və Ermənistan tərəfindən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin və ATƏT-in Nazirlər Şurasının münaqişəyə dair qərarlarının yerinə yetirilməsinin monitorinqini aparsın və monitorinqin nəticələri barədə Assambleyaya hesabat versin;

  3. BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, münaqişənin dinc yolla həll olunması üçün üzv dövlətlər tərəfindən göstərilən səylər barədə Assambleyaya hesabat versin. Bu hesabatda BMT Təhlükəsizlik Şurasının 853 (1993) saylı qətnaməsinin ziddinə olaraq üzv dövlətlərin münaqişənin intensivləşdirilməsinə və ya ərazinin işğalının davam etməsinə gətirib çıxara bilən silah və sursat təchizatından çəkinib-çəkinməmələri də öz əksini tapsın;

  4. Dağlıq Qarabağ münaqişəsi haqqında özünün 1251 (1994) saylı tövsiyəsini xatırladaraq, Azərbaycan və Ermənistanın istədikləri təqdirdə, Dağlıq Qarabağın siyasi statusunun müəyyənləşdirilməsinə köməklik məqsədilə ekspertləri onların sərəncamına versin;

  5. Azərbaycan və Ermənistanda xüsusi etimad yaradılması tədbirləri üzrə fəaliyyət planı üçün vəsait ayırsın;

  6. hər iki ölkədən müəllimlər və jurnalistlər üçün daha yaxşı qarşılıqlı anlaşma, dözümlülük və barışıq məqsədi güdən xüsusi treninq proqramlarının həyata keçirilməsinə vəsait ayırsın;

  7. xüsusilə təhsil müəssisələri və ictimai KİV-ə dair İrqçilik və dözümsüzlüyə qarşı Avropa Komissiyası tərəfindən hər iki ölkə üçün xüsusi fəaliyyətə vəsait ayırsın;

  8. Səlahiyyətli rəhbər komitələri təlimatlandırsın ki, onlar Mübahisələrin sülh yolu ilə həll olunmasına dair Avropa Konvensiyasının Avropa Şurasının üzv dövlətləri arasında münaqişələrin aradan qaldırılmasının müasir tələblərini nə dərəcədə əks etdirməsi və Avropa Şurasının üzv dövlətləri arasında mübahisələrin sülh yolu ilə həll olunması üçün adekvat vasitənin tapılması məqsədilə konvensiyanın hansı hissəsinə düzəlişlərin edilməsi ilə bağlı təhlil aparsın;

  9. iki ölkəyə dair fəaliyyətlə bağlı qərar verərkən 1416 (2005) saylı qətnaməni nəzərə alsın;

  10. 1416 (2005) saylı qətnamənin və bu tövsiyənin milli, ikitərəfli və beynəlxalq səviyyədə dəstəklənməsi məqsədilə onları üzv dövlətlərin hökumətlərinə təqdim etsin.

(1) 2005-ci il yanvarın 25-də Assambleyanın müzakirəsi (2-ci iclas) (Bax Siyasi məsələlər komitəsinin məruzəsi, Sənəd.10364, məruzəçi: cənab Atkinson). 2005-ci il yanvarın 25-də Assambleya tərəfindən qəbul olunmuş mətn (2-ci iclas)

Yuxarı

 

AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASI DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNƏ DAİR QƏTNAMƏ 1047 (1994)

  1. Assambleya razılıqla qeyd edir ki, 1994-cü ilin mayın 12-də qüvvəyə minmiş Dağlıq Qarabağda atəşkəsə nisbətən yaxşı riayət olunmuşdur və ümid edir ki, o, mümkün qədər tezliklə müharibə edən tərəflər arasında sülh sazişi ilə nəticələnəcək. 

  2. 1988-ci ildə başlamış bu münaqişə artıq 20 min insanın ölümü və bir milyondan çox qaçqınların olması ilə nəticələnmişdir. 

  3. Assambleya müharibə tərəflərini sülh sazişinin imzalanmasına həvəsləndirmək üçün ATƏM-in Minsk qrupu, Rusiya Federasiyası hökuməti, BMT Təhlükəsizlik Şurası, MDB Parlamentlərarası Assambleya və özünün Avropanın qeyri-üzv ölkələri ilə əlaqələr üzrə Komitəsinin səylərini razılıqla qeyd edir. 

  4. O, Ermənistan və Azərbaycanın müdafiə nazirləri və Dağlıq Qarabağ ordusunun komandanı tərəfindən 26 iyul 1994-cü ildə imzalanmış, atəşkəsə riayət etmək öhdəliklərini və siyasi sazişin imzalanmasını sürətləndirmək səylərini təsdiq etdikləri sazişi alqışlayır və bütün müharibə tərəflərini 12 may 1994-cü ildən qüvvədə olan qeyri-sabit atəşkəsə təhlükə yarada biləcək hər hansı düşmənçilik hərəkətindən çəkinməyə təkidlə çağırır. 

  5. O, sülh sazişinin imzalanmasına bütün imkanları çərçivəsində, xüsusilə maraqlı tərəflərin parlament nümayəndələri arasında dialoqun həvəsləndirilməsi yolu ilə, yardım etmək üçün hazır olduğunu bəyan edir. 

  6. Nəhayət, o, müharibə tərəflərini qaçqınların təcili əsasda evlərinə qayıtmasını təşkil etməyə və onun 1201 saylı Tövsiyəsində dəstəkləndiyi kimi azlıqların hüquqlarına hörmət etməyə çağırır, və Azərbaycan və Türkiyəni onların Ermənistanla olan kommunikasiya vasitələrinin blokadasına dərhal son qoymağa təkidlə çağırır.

Yuxarı

 

AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASI ERMƏNİSTAN VƏ AZƏRBAYCANDA QAÇQIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN HUMANİTAR VƏZİYYƏTİNƏ DAİR QƏTNAMƏ 1059 (1995)1

  1. Assambleya 1988-ci ildə başlayan Dağlıq Qarabağ münaqişəsinin Ermənistan və Azərbaycanda ifadə edilə bilməyən insan əzabları, minlərlə həlak olanlar, on minlərlə yaralı və bir milyondan artıq qaçqın və məcburi köçkünlərlə nəticələndiyindən təəssüflənir. 

  2. Son rəqəm hədələr, törədilmiş vəhşiliklərə dair məruzələr və 1991-ci ildən öncə Sovet hakimiyyətinin əmrlərindən sonra öz evlərini tərk etməyə məcbur edilən yüz minlərlə insanı əhatə edir. 

  3. Ermənistan və Azərbaycanın 1991-ci ildə müstəqilliklərini elan etmələrindən sonra onların iqtisadiyyatları ciddi şəkildə tənəzzül etmişdir. Vəziyyət münaqişənin və qonşu ölkələrin tətbiq etdikləri iqtisadi blokadanın təsiri ilə pisləşmişdir. 

  4. Nəticədə, hər iki ölkənin əhalisi həyat səviyyəsinin ciddi şəkildə aşağı düşməsinə məruz qalmışdır, və artmaqda olan çətinliklərlə, o cümlədən yüksələn işsizlik və kəskin su, yanacaq və enerji qıtlığı ilə üzləşir. Birləşmiş Millətlər Təşkilatının hesablamalarına görə, hər iki ölkədə bir milyondan artıq insan hazırda yoxsulluq səviyyəsindən aşağı yaşayır. 

  5. Əsasən qaçqınlar və, xüsusilə Azərbaycanda tələblərə cavab verməyən çadırlarda yaşayanlar əsas istilik, qida və tibbi yardım qıtlığının olmasından kəskin çətinliklərlə üzləşirlər. 

  6. Birləşmiş Millətlər Təşkilatının yardım proqramları hər iki ölkədə 1992-ci ilin dekabrından təsis edilmişdir. Lakin, onların maliyyələşdirilməsi vəziyyətin ehtiyaclarını təmin etməkdə yetərli deyil. 

  7. Bundan əlavə, BMT agentlikləri bazar iqtisadiyyatına keçid, mərkəzsizləşdirmə və səhiyyə və təhsil proqramları üçün məlumatlarla təminata dair hər iki hökumətə məsləhətlər verir və yardım göstərir. Buna baxmayaraq, aidiyyatı ölkələrdə, o cümlədən Gürcüstandakı ayrı-ayrı qərargahlardan hazırda idarə olunan bu xidmətlər əməkdaşlıq yolunda müəyyən maneələrlə çətinləşmişdir, və onların təqdim edilməsi təcrübə, idarəetmə və vəsaitlərin uzun müddətə ən effektiv şəkildə hərəkətə gətirilməsini əks etdirməyə bilər. 

  8.  Assambleya 12 may 1994-cü ildə qüvvəyə minmiş atəşkəsi alqışlayan, bütün tərəfləri buna ziyan vura biləcək hər hansı düşmənçilik aktından çəkinməyə çağıran və, xüsusilə maraqlı tərəflərin parlament nümayəndələri arasında dialoqu həvəsləndirməklə sülh sazişinin imzalanmasına bütün qüvvəsi ilə yardımını təklif edən 1251 saylı (1994) Qətnaməsini yada salır. 

  9. Assambleya müharibə edən tərəflərə geri qayıtmaq arzusunda olan qaçqınların, başqa yerdə məskunlaşmaq istəyənlərə kompensasiya vermək şərti ilə, öz evlərinə mümkün qədər erkən qayıtmasını təşkil etmək; azlıqların hüquqlarına hörmət etmək; və onlar arasında olan bütün nəqliyyat və rabitə vasitələri üzərində blokadaya və Rusiya və Türkiyənin tətbiq etdikləri blokadaya dərhal son qoymaq çağırışlarını təkrar qeyd edir. 

  10.  Assambleya təkid edir ki:
    • Ermənistan, Azərbaycan və Gürcüstan hökumətləri təcili yardım və səhiyyə, təhsil, bərpa və inkişafa dair uzunmüddətli proqramların təqdim edilməsində BMT agentlikləri və qeyri-hökumət təşkilatları ilə geniş əməkdaşlıq etsinlər;
    • Gürcüstan hökuməti BMT-nin yardımı ilə Mesxeti türklərinin geri qayıtması və məskunlaşdırılmasını qəbul etsin və BMT-ni bu xüsusilə zəif qrupun vəziyyətinə xüsusi diqqət yetirməyə çağırır; 
    • Avropa İttifaqı, özünün Humanitar İdarəsi vasitəsilə, Cənubi Qafqaz əhalisinin zəif təbəqələrinə yardımını artırsın.

  11. Nəhayət, Assambleya Qafqazda sülhün yenidən bərpasına yardım etmək və humanitar vəziyyəti yaxşılaşdırmaq üçün daha geniş beynəlxalq səylərin göstərilməsinə çağırır və bu məqsədlə, üzv dövlətlərin hökumət və parlamentlərini yetmiş illik təcriddən çıxmaqda olan bu regiona öz yardım, təcrübə və əməkdaşlıq təkliflərini etməyə təşviq edir.



1 - Mətn Assambleyanın adından fəaliyyət göstərən Daimi Komitə tərəfindən 15 mart 1995-ci ildə qəbul edilmişdir.
Bax: Sənəd 7250, Miqrasiya, Qaçqınlar və Demoqrafiya üzrə Komitənin məruzəsi, məruzəçi: cənab Atkinson; və Sənəd 7266, Avropanın Qeyri-üzv Ölkələri ilə əlaqələr üzrə Komitəsinin rəyi, məruzəçi: cənab Jeszenszki.

Yuxarı 

 


AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASI ZAQAFQAZİYADA MÜNAQİŞƏLƏRƏ DAİR QƏTNAMƏ 1119 (1997)1

  1. Assambleya hesab edir ki, Zaqafqaziya münaqişələrində, xüsusilə Abxaziya və Dağlıq Qarabağda 1994-cü ilin mayından etibarən atəşkəsin qüvvədə saxlanılması gərginlik zonalarında siyasi sabitliyin yaradılmasına kömək etməlidir.

  2. Avropanın Qeyri-üzv Ölkələri ilə Əlaqələr üzrə Komitəsinin keçirdiyi müxtəlif dinləmələrdən sonra o ümid edir ki, bu münaqişələrin siyasi həlli istiqamətində sürətli, həlledici irəliləyiş ediləcək.

  3. Hər üç Zaqafqaziya ölkəsi – Ermənistan, Azərbaycan və Gürcüstan – xüsusi qonaq statusuna malikdirlər və Avropa Şurasının tam üzvlüyü üçün müraciət etmişlər. Assambleya hesab edir ki, bütün tərəflərin bu münaqişələri həll etmək üçün həqiqi siyasi iradəsi qəbul proseduralarını sürətləndirməyə kömək edəcək.

  4. Assambleya bu münaqişələrə bilavasitə və ya dolayı yolla cəlb olunmuş bütün tərəfləri, xüsusilə Birləşmiş Millətlər Təşkilatı, Müstəqil Dövlətlər Birliyi və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının həyata keçirdiyi vasitəçilik işində konstruktiv şəkildə iştirak etməyə çağırır. 

  5. Bu iki münaqişənin xarakterinə görə fərqli olmasına baxmayaraq, Assambleya vurğulayır ki, cəlb olunan bütün tərəflər onların siyasi həllinə dair danışıqları, xüsusilə 1975-ci il Helsinki Yekun Aktı və 1990-cı il Paris Xartiyasına əsaslanan aşağıdakı prinsiplər üzərində aparmalıdırlar:
    • sərhədlərin pozulmazlığı;
    • aidiyyatı ərazilərdə bütün xalqların, xüsusilə çoxmillətli sülhməramlı qüvvələr vasitəsilə təmin olunmuş təhlükəsizliyi;
    • Abxaziya və Dağlıq Qarabağ üçün bütün maraqlı tərəflərin razılaşdırdığı geniş muxtariyyət statusu; 
    • qaçqın və məcburi köçkünlərin geri dönmək hüququ və insan hüquqlarına hörmət kimi onların vətəndaşlığının bərpa olunması.

  6. Assambleya hesab edir ki, Zaqafqaziya ölkələrində qanunun aliliyi, plüralist demokratiya, insan hüquqlarının müdafiəsi və ictimai bazar iqtisadiyyatının yaradılmasında Avropa Şurası həqiqi töhfə verməlidir.
    A. Abxaziya ilə əlaqədar,

  7. Assambleya Tbilisi və Suxuminin mövqeləri arasında xoş münasibətlərin bərpa olunmasının müəyyən əlamətlərini qeyd etməkdə maraqlıdır və ümid edir ki, yuxarıda qeyd olunmuş prinsiplər əsasında məsələnin danışıqlar vasitəsilə əldə olunmuş siyasi həllinə tezliklə nail olunacaq. 

  8. O ümid edir ki, maraqlı tərəflər, həmçinin Birləşmiş Millətlər Təşkilatı, ATƏT və Rusiya Federasiyasının səyləri tezliklə Tbilisi və Suxumi üçün əlverişli təsisatı balansın yaradılmasına aparacaq ki, qaçqınlar yüksək təhlükəsiz şəraitdə geri dönə və region əhalisi sülh və iqtisadi çiçəklənməyə qayıda bilsin.
    B. Dağlıq Qarabağa münasibətdə,

  9. Assambleya Ermənistan və Azərbaycan parlament nümayəndələri arasında, xüsusilə onun Avropanın Qeyri-üzv Ölkələri ilə Əlaqələr üzrə Komitəsinin 26 yanvar 1997-ci ildə təşkil etdiyi Zaqafqaziyada münaqişələrə dair seminarının bir hissəsi kimi davam edən dialoqu və bununla əlaqədar münaqişənin erkən həllinin təmin edilməsi məqsədilə danışıqları davam etdirməyə həvəsləndirən Dağlıq Qarabağ üzrə ATƏT-in Minsk Qrupunun fəaliyyətinin bərpa edilməsini alqışlayır.

  10. O, işğal edilmiş ərazilərin qaytarılması və qaçqın və köçkünlərin geri dönməsi, Dağlıq Qarabağın əlverişli alternativ statusu, həmçinin onun təhlükəsizliyinə təminat verən münaqişənin siyasi həllinə nail olmaq məqsədilə bütün münaqişə tərəflərini birbaşa danışıqları gücləndirməyə çağırır.

  11. Nəhayət o, üç Zaqafqaziya ölkəsi – Ermənistan, Azərbaycan və Gürcüstanın – nəticə etibarı ilə Zaqafqaziya dövlətləri birliyinin yaradılması və birgə parlament assambleyasının təsis edilməsini nəzərdən keçirəcəyinə dair arzusunu ifadə edir.

1 - 22 aprel 1997-ci ildə Assambleyanın müzakirəsi (10 və 11-ci iclas) (bax Sənəd 7793, Avropanın Qeyri-üzv Ölkələri ilə Əlaqələr üzrə Komitənin məruzəsi, məruzəçi: cənab Sietlinger)
Qətnamənin mətni 22 aprel 1997-ci ildə Assambleya tərəfindən qəbul edilmişdir (11-ci iclas).

Yuxarı 

 

AVROPA ŞURASI NAZİRLƏR KOMİTƏSİ DAĞLIQ QARABAĞA DAİR BƏYANNAMƏ


(Nazirlər Komitəsi tərəfindən 11 mart 1992-ci ildə Nazir müavinlərinin 471-ci iclasında qəbul edilmişdir)

Nazirlər Komitəsi, insanların fərq qoyulmadan qətlə yetirilməsi və zorakılıq aktları haqqında son məlumatlardan dərindən narahat olaraq, Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisində mülki əhaliyə qarşı zorakılıq və hücumları kəskin şəkildə pisləyir. O qeyd edir ki, məsələnin güc vasitəsilə həlli beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilə bilməz.

Nazirlər Komitəsi fevralın 28-də Praqada ATƏM iştirakçı dövlətlərinin dərhal və effektiv atəşkəs, regiona silahların daşınmasına embarqo qoyulması və humanitar yardımın göndərilməsi üçün təhlükəsiz dəhlizlərin yaradılmasına dair tövsiyələrini dəstəkləyir. O bir daha qeyd edir ki, Dağlıq Qarabağda böhranın istənilən həlli qanunun aliliyinə, demokratiya, insan hüquqları və azlıqların üzvlərinin hüquqlarına dair təminatlara və yalnız sülh yolu və ümumi razılıqla dəyişilə bilən bütün, istər daxili, istərsə də xarici sərhədlərin pozulmamağına hörmət edilməsinə əsaslanmalıdır.

Nazirlər Komitəsi Beynəlxalq Qırmızı Xaç Komitəsinin mübahisəyə kömək etməsinə dair münaqişə tərəflərinin razılığını alqışlayır və ümid edir ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi və digər qeyri-hökumət təşkilatları bu mübahisənin qurbanlarına humanitar yardımın verilməsində aparıcı rol oynayacaqlar.

Nazirlər Komitəsi mübahisənin sülh yolu ilə həllinin əldə edilməsi üçün bütün vasitəçilik səylərini dəstəkləyir. Effektiv atəşkəsə nail olunduqda, mübahisə bütün maraqlı tərəflər, o cümlədən Dağlıq Qarabağın yerli idarəetmə orqanları və nümayəndələri arasında danışıq vasitəsilə həll edilməlidir. Danışıqlar ATƏM çərçivəsində qəbul olunmuş Helsinki Yekun Aktı və Paris Xartiyasının hərf və ruhuna, və xüsusilə mübahisələrin sülh yolu ilə tənzimlənməsi öhdəliyinə hörmət prinsipinə əsaslanmalıdır.

Yuxarı 

 

AVROPA ŞURASI NAZİRLƏR KOMİTƏSİ DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN GƏRGİNLƏŞMƏSİNƏ DAİR BƏYANNAMƏ


(Nazirlər Komitəsi tərəfindən 15 aprel 1993-cü il tarixində Nazir müavinlərinin 492-ci iclasında qəbul edilmişdir)
Nazirlər Komitəsi Dağlıq Qarabağ münaqişəsinin gərginləşməsi və, xüsusilə, döyüş ərazisinin Azərbaycan Respublikasının Kəlbəcər rayonuna qədər genişlənməsi ilə əlaqədar ciddi narahatdır. Nazirlər Komitəsi BMT Təhlükəsizlik Şurası Sədrinin bütün hərbi əməliyyatların dərhal dayandırılması tələbini dəstəkləyir və regionun sülh və təhlükəsizliyinə təhlükə yaradan bütün qüvvələrin çıxarılmasına çağırır.
Münaqişənin uzunmüddətli həllinin yalnız beynəlxalq hüquq və Avropa Şurası və ATƏM-in prinsip və öhdəliklərinə hörmət, xüsusilə sərhədlərin toxunulmazlığı, ərazi bütövlüyü, azlıqların müdafiəsi və insan hüquqları və əsas azadlıqlarına hörmət edilməsi vasitəsilə əldə oluna biləcəyinə əmin olan Nazirlər Komitəsi:

  • döyüş ərazisinin Azərbaycanın Kəlbəcər rayonunadək genişlənməsinin bütün regionun demokratik gələcəyi və sabitliyinə təhdid yaradacağı ilə əlaqədar artan təhlükəyə dair ciddi narahatçılığını ifadə edir;
  • bu vəziyyətin ATƏM çərçivəsində siyasi danışıqlar prosesinə təhlükə olması faktına təəssüflənir;
  • güc vasitəsilə həllin beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilə bilməyəcəyini bəyan edir;
  • həmçinin mülki əhalinin əzablarını yüngülləşdirmək məqsədilə regiona və xüsusilə, münaqişənin təsir etdiyi bütün ərazilərə beynəlxalq humanitar yardım səylərinin maneəsiz buraxılmasına çağırır;
  • münaqişə tərəflərinindən sülh yolu ilə tənzimlənməyə daha artıq təhlükə yaradacaq hər hansı hərəkətdən çəkinməyi təkidlə tələb edir; 
  • hərbi əməliyyatlara son qoyulmasının yeganə yolunun, gücdən istifadə etməkdən imtina etməklə yanaşı, ATƏM-in Minsk qrupu çərçivəsində danışıqların vicdanla aparılması olduğunu qeyd edir.

Yuxarı 

 

AVROPA ŞURASI NAZİRLƏR KOMİTƏSİ KOMMÜNİKE


“Avropa Şurası Cənub-Şərqi Avropa və Qafqaza dair fəaliyyətini artırır”
(9 noyabr 2000-ci il tarixində Nazirlər Komitəsinin 107-ci iclasında qəbul edilmişdir)
Nazirlər Komitəsi İtaliyanın xarici işlər naziri cənab Lamberto Dininin sədrliyi ilə 2000-ci ilin noyabrın 9-da Strasburqda 107-ci iclasını keçirdi.

Baş Katibin dəvəti ilə, iclasdan öncə 2000-ci ilin noyabrın 8-də qeyri-rəsmi görüş keçirilmişdir...
Nazirlərin 9 noyabrda rəsmi görüşü Prezident Kaştunitsa ilə onun ölkəsində müsbət inkişafa dair fikir mübadiləsi ilə açıldı...

Fikir mübadiləsi Cənub-Şərqi Avropa, o cümlədən Moldova, və Qafqazda demokratik sabitliyin gücləndirilməsində Avropa Şurasının töhfəsinə dair müzakirələrlə davam etdirilmişdir...

Cənubi Qafqazın namizəd dövlətlərinə gəlincə isə, hər iki ölkənin Avropa Şurasının tələb olunan standartlarının yerinə yetirilməsinə, o cümlədən Azərbaycanda 5 noyabr 2000-ci ildə keçirilən seçkilərə münasibətdə Nazirlər müəyyən narahatlıqla vəziyyəti nəzərə aldılar. Nazirlər Təşkilata daxil olmaq üçün Ermənistan və Azərbaycanı eyni vaxtda dəvət etməyi qərara aldılar (və bu ölkələrin Xarici işlər nazirlərinin bəyanatlarını razılıqla nəzərə aldılar) və bəyan etdilər ki, iki Dövlətin qəbul tarixi 2001-ci ilin yanvarında Nazir Müavinlərinin görüşündə nəzərdən keçiriləcək. Onlar qeyd etdilər ki, Ermənistan və Azərbaycan öz demokratik təsisatlarını, insan hüquqlarına hörməti və qanunun aliliyini gücləndirməyi davam etdirməlidirlər. Nazirlər Avropa Şurasının bu məqsədlə əməkdaşlıq etməyə hazır olduğunu təkrarladılar. Onlar, həmçinin, Dağlıq Qarabağ münaqişəsinin həllində təxirə salınmadan real nəticələr əldə etməyi Ermənistan və Azərbaycandan təkidlə tələb etdilər.

Yuxarı 

 

AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASI DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNƏ DAİR TÖVSİYƏ 1251 (1994)1

  1. Assambleya qeyd edir ki, Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə başlamış və artıq təxminən 20 000 insanın ölməsi və bir milyondan artıq qaçqının olması ilə nəticələnmişdir.

  2. Onun Avropanın qeyri-üzv ölkələri ilə əlaqələr üzrə Komitəsi 1992-ci ildən etibarən Ermənistan və Azərbaycanın Parlamentləri, “Dağlıq Qarabağın rəhbərliyi” və “Dağlıq Qarabağın maraqlı Azərbaycan tərəfi”nin nümayəndələrinin qatıldığı dinləmələr silsiləsini təşkil etmişdir.

  3. Assambleya razılıqla qeyd edir ki, 1994-cü il mayın 12-də qüvvəyə minmiş atəşkəsə nisbətən yaxşı riayət olunmuşdur və ümid edir ki, o, mümkün qədər tezliklə bütün maraqlı tərəflərin imzaladığı sülh sazişi ilə nəticələnəcək.

  4. O, müharibə edən tərəflərin sülh sazişini imzalamağa həvəsləndirmək üçün ATƏM-in Minsk Qrupu, BMT Təhlükəsizlik Şurası, Rusiya Federasiyasının Hökuməti və MDB Parlamentlərarası Assambleyasının səylərini, həmçinin 26 iyul 1994-cü ildə Ermənistan və Azərbaycanın Müdafiə nazirləri və Dağlıq Qarabağ ordusunun komandiri tərəfindən imzalanmış, atəşkəsə riayət etmək öhdəliklərini və siyasi sazişin imzalanmasını sürətləndirmək səylərini təsdiq etdikləri sazişi alqışlayır.

  5. Assambleya, beləliklə, tövsiyə edir ki, Nazirlər Komitəsi:
    • Avropa Şurasının üzv dövlətlərinin hökumətlərini ATƏM-in Minsk Qrupunun öz məqsədlərinə, xüsusilə müharibə zonasında beynəlxalq müşahidəçilərin yerləşdirilməsinə nail olması üçün lazımi vasitələri ona təqdim etməyə çağırsın;
    • Ermənistan və Azərbaycanın rəhbərliyi ilə siyasi dialoqu bərpa etsin;
    • şərtlər yerinə yetirilən kimi öz əməkdaşlıq proqramlarını Ermənistan və Azərbaycanın üzünə açsın və, əgər bu tərəflər istəsələr, Dağlıq Qarabağ üçün siyasi statusu müəyyən etməyə kömək edə biləcək ekspertləri onların öhdəliyinə təqdim etsin.


1 - Mətn Assambleyanın adından fəaliyyət göstərən Daimi Komitə tərəfindən 1994-cü ilin noyabrın 10-da qəbul edilmişdir.
Bax Sənəd 7182, Avropanın qeyri-üzv ölkələri ilə əlaqələr üzrə Komitənin məruzəsi, məruzəçilər: cənab Pfuhl və cənab Sole Tura

Yuxarı 

 

AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASI ERMƏNİSTAN VƏ AZƏRBAYCANDA QAÇQIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN HUMANİTAR VƏZİYYƏTİNƏ DAİR TÖVSİYƏ 1263 (1995)

  1. Assambleya, Ermənistan və Azərbaycanda qaçqın və məcburi köçkünlərin humanitar vəziyyətinə dair 1059 saylı (1995) Qətnaməsinə istinad edərək, tövsiyə edir ki, Nazirlər Komitəsi:


  2. Dağlıq Qarabağa görə amansız münaqişənin qurbanlarına və, xüsusilə öz evlərindən qovulmuş şəxslərə beynəlxalq yardımın tamamilə qənaətbəxş olmamağından irəli gələn gərgin vəziyyəti təcili şəkildə nəzərdən keçirsin;

  3. Avropa Şurasının genişlənməsinə dair 1247 saylı (1994) Qətnaməsindən sonra, Avropa Şurasının Sosial İnkişaf Fondu və onun üzv dövlətlərini, özünün fövqəladə hallar üçün nəzərdə tutulmuş hesabı vasitəsilə, Birləşmiş Millətlər Təşkilatı və cəlb olunmuş digər beynəlxalq təsisatlarla mümkün əlaqədə, Ermənistan, Azərbaycan və Gürcüstanda qaçqın və məcburi köçkünlərə fondun maliyyələşdirməsindən yararlanmaq imkanı verməyə dəvət etsin;

  4. Bütün üzv dövlətlərin hökumətlərini:
    • Birləşmiş Millətlər Təşkilatının agentlikləri, Beynəlxalq Qırmızı Xaç Komitəsi, Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətləri Federasiyası və qeyri-hökumət təşkilatları vasitəsilə edilən beynəlxalq yardıma Qafqazda qarşıdan gələn bir çox illər üçün ehtiyac duyulduğunu təsdiq etməyə və bunun nəticəsində onların gələcək müraciətlərinə səxavətlə cavab verməyə;
    • Qarabağ və onun ətrafındakı ərazinin minalardan təmizlənməsi üçün tələb olunan mütəxəssis və işçi qüvvəsini təklif etməyə;
    • Fələstində BMT-nin qaçqınlara yardım və işlər Agentliyinə (UNRWA) müvafiq Qafqaz üçün birləşmiş BMT agentliyinin yaradılması və Tbilisidə regional qərargahın və ya oxşar əlaqələndirmə mexanizminin təsis edilməsini nəzərdən keçirməyə;
    • xüsusilə insan hüquqları, parlament demokratiyasının tətbiq olunması və, müvafiq olan zaman, azlıqların hüquqlarının və mədəni xüsusiyyətlərinin müdafiəsi sahələrində Avropa Şurasının yardım, mütəxəssis və əməkdaşlıq təkliflərini təsdiq etməklə Ermənistan, Azərbaycan və Gürcüstanın hakimiyyətləri ilə siyasi dialoq təsis etməyə dəvət etsin.

Yuxarı

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi