Münaqişənin siyasi və hüquqi aspektləri

Münaqişənin hüquqi aspektləri Azərbaycana qarşı ərazi iddialarına haqq qazandırmaq üçün Ermənistan rəsmiləri tez-tez Dağlıq Qarabağın heç zaman müstəqil Azərbaycanın yurisdiksiyasında olmaması məsələsini qaldırırlar.

Bundan əlavə, rəsmi Yerevanın fikrincə, Dağlıq Qarabağın 1991-ci ildə SSRİ-nin parçalanması prosesində Azərbaycandan ayrılması və “Dağlıq Qarabağ Respublikası”nın yaradılması qanuni şəkildə baş vermişdir. Mövqelərini əsaslandırmaq üçün onlar əsasən “Müttəfiq respublikanın SSRİ-dən çıxması ilə əlaqədar məsələlərin həlli qaydası haqqında” 3 aprel 1990-cı il tarixli SSRİ Qanununun müddəalarına istinad edir. Bu Qanuna əsasən, müttəfiq respublika tərəfindən Qanunla nəzərdə tutulmuş ayrılma proseduru həyata keçiriləcəyi təqdirdə, muxtar qurumlar SSRİ və ya ayrılan respublika tərkibində qalıb-qalmama barədə müstəqil qərar qəbul etmək, eləcə də öz dövlət-hüquqi statusu məsələsini qaldırmaq hüququ əldə edir.

Bundan əlavə, Ermənistan iddia edir ki, Azərbaycan SSRİ-nin varisi olmaqdan imtina etdiyinə görə, onun Sovet dövrü sərhədlərinə iddia etməsinə heç bir əsas yoxdur.

Ermənistan tərəfi həmçinin tez-tez beynəlxalq hüququn xalqların öz müqəddəratını təyinetmə prinsipinə istinad edərək, onu Dağlıq Qarabağın erməni əhalisinin birtərəfli qaydada ayrılmasına da şamil etməyə cəhd göstərir.

Yuxarıda qeyd olunduğu kimi, 20 fevral 1988-ci il tarixində DQMV Xalq Deputatları Sovetinin iclasında erməni icmasının nümayəndələri Azərbaycan SSR və Ermənistan SSR Ali Sovetlərinə DQMV-nin Azərbaycan SSR-dən ayrılaraq Ermənistan SSR-ə birləşdirilməsi haqda tələb ünvanladılar. Bununla əlaqədar olaraq qeyd etmək lazımdır ki, müttəfiq respublikaların sərhədlərinin dəyişdirilmə qaydaları SSRİ və müttəfiq respublikaların konstitusiyalarında təsbit edilmişdir. Belə ki, SSRİ Konstitusiyasının 78-ci maddəsinə əsasən, müttəfiq respublikanın ərazisi onun razılığı olmadan dəyişdirilə bilməz. Müttəfiq respublikalar arasında sərhədlər müvafiq respublikaların qarşılıqlı razılığı və SSRİ-nin təsdiqi nəticəsində mümkün ola bilər.

Bu müddəa Ermənistan SSR və Azərbaycan SSR Konstitusiyalarında da öz əksini tapmışdı. DQMV Xalq Deputatları Sovetinin 20 fevral 1988-ci il tarixli tələbinə cavab olaraq, 15 iyun 1988-ci il tarixində Ermənistan SSR Ali Soveti DQMV-nin Ermənistan SSR-ə birləşdirilməsi qərarına razılığını ifadə edən və SSRİ Ali Sovetindən vilayətin Azərbaycan SSR-dən alınaraq Ermənistan SSR-ə birləşdirilməsi məsələsini nəzərdən keçirməyi və təsdiq etməyi xahiş edən qərar qəbul etdi. Azərbaycan SSR Ali Soveti və onun Rəyasət Heyəti 13 və 17 iyun 1988-ci il tarixlərində qəbul etdiyi qərarlarda SSRİ Konstitusiyasının 78-ci və Azərbaycan Konstitusiyasının 70-ci maddələrini əsas gətirərək, DQMV-nin Azərbaycan SSR-dən alınaraq Ermənistan SSR-ə birləşdirilməsini qəbuledilməz və qeyri-mümkün elan etdi.

Müttəfiq respublikalar arasında sərhəd dəyişikliyinin mümkünlüyünü müzakirə etmək üçün ciddi bir əsas olmadığını və SSRİ Konstitusiyasının müddəaları və Azərbaycan SSR və Ermənistan SSR-in qüvvədə olan Əsas Qanunlarını nəzərə alaraq hesab etmək olardı ki, bu məsələ artıq bağlanmışdır.

Buna baxmayaraq, 12 iyul 1988-ci il tarixində DQMV Xalq Deputatları Soveti bölgənin Azərbaycan SSR-dən birtərəfli qaydada ayrılmasına dair qeyri-qanuni bir qərar qəbul etdi. Buna cavab olaraq, 13 iyul 1988-ci il tarixində Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti SSRİ və Azərbaycan SSR Konstitusiyalarına, eləcə də Azərbaycan SSR-in “Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında” Qanununa əsaslanaraq, DQMV Xalq Deputatları Sovetinin vilayətin Azərbaycan SSR-dən birtərəfli qaydada ayrılmasına dair DQMV Xalq Deputatları Sovetinin 12 iyul 1988-ci il tarixli qərarının qeyri-qanuni və heç bir hüquqi qüvvəsi olmadığını bəyan edən qərar qəbul etdi.

16 avqust 1989-cu il tarixində “Dağlıq Qarabağ Muxtar Vilayəti Əhalisinin Səlahiyyətli Nümayəndələrinin Konqresi” öz iclasında Dağlıq Qarabağın Azərbaycan SSR tərkibində muxtariyyətini tanımaqdan imtina etdiyini birmənalı şəkildə bəyan etdi. Eyni zamanda “Konqres” DQMV-ni Azərbaycan SSR Konstitusiyası və respublikanın digər qanunlarının işləmədiyi “müstəqil ittifaq ərazisi” elan etdi. “Konqres” DQMV-də müstəsna xalq hakimiyyətini bəyan edən “milli şura” yaratdı. Gözlənildiyi kimi, Azərbaycan tərəfinin reaksiyası gecikmədi. 26 avqust 1989-cu il tarixində Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti “Dağlıq Qarabağ Muxtar Vilayəti Əhalisinin Səlahiyyətli Nümayəndələrinin Konqresi”nin qərarını qeyri-qanuni elan edən qərar qəbul etdi.

Əlbəttə, Ermənistan SSR də DQMV-nin Azərbaycan SSR-dən alınmasının qanunvericilik vasitəsilə rəsmiləşdirilməsi cəhdlərində fəal iştirak edirdi. Ermənistan SSR Ali Sovetinin 15 iyun 1988-ci il tarixli qərarından başqa, bu müttəfiq respublikanın ali qanunverici orqanı konstitusiyayazidd çoxlu sayda digər qərarlar qəbul etmişdir. Onlardan ən mühümü “Ermənistan SSR-i və Dağlıq Qarabağı birləşdirmək haqqında” 1 dekabr 1989-cu il tarixli qərardır.

Ermənistan parlamentinin Dağlıq Qarabağa dair bir müttəfiq respublikanın ərazisinin müəyyən hissəsinin digərinin xeyrinə birtərəfli qaydada ələ keçirilməsini qanuniləşdirməyə və digər dövlətin ərazisində konstitusiyayazidd qurumun yaradılmasına yönəldilmiş açıq cəhdlərindən xəbər verən bu və bir çox digər qərarları fonunda Ermənistanın Azərbaycan ərazilərinin işğalında iştirak etməməsi ilə bağlı bu gün rəsmi Yerevanın səsləndirdiyi bəyanatlar ən azından təəccüb doğurur.

Məlum olduğu kimi, Azərbaycan və Ermənistan müstəqillik əldə etməmişdən və münaqişənin həlli beynəlxalq təşkilatlara həvalə olunmamışdan əvvəl arbitr rolunu SSRİ-nin mərkəzi orqanları oynayırdı. 1980-ci illərin axırlarında DQMV-ni Azərbaycandan ayıraraq Ermənistana birləşdirməyə yönəlmiş qeyri-qanuni qərarların qəbulu ilə əlaqədar olaraq, SSRİ Ali Soveti və onun Rəyasət Heyəti Dağlıq Qarabağdakı böhranla bağlı vəziyyəti dəfələrlə müzakirə etmişdir. Keçmiş SSRİ-nin ali dövlət orqanının bütün qərarları, xüsusilə də 10 yanvar və 3 mart 1990-cı il tarixli qərarları Azərbaycan SSR və Ermənistan SSR arasındakı sərhədlərin və konstitusiya ilə müəyyən edilmiş milli-ərazi bölgüsünün dəyişdirilməsinin yolverilməz olduğunu birmənalı şəkildə bəyan etmişdir.

Beləliklə, Dağlıq Qarabağın Azərbaycan SSR-dən Ermənistan SSR xeyrinə 20 fevral 1988-ci il tarixində başlayan ayrılma prosesi SSRİ Konstitusiyasının açıq şəkildə pozulması ilə müşayiət olunurdu və bu səbəbdən heç bir hüquqi nəticə doğurmadı.

Erməni tərəfinin Dağlıq Qarabağın Azərbaycandan ayrılmasını qanuniləşdirməyə yönəldilmiş növbəti cəhdi – 2 sentyabr 1991-ci il tarixində “Dağlıq Qarabağ Respublikası”nı elan etməsi bizim şərhimizin doğruluğuna açıq şəkildə şahidlik edir. Ermənilər hesab edir ki, bu addımın hüquqi əsası qismində “Müttəfiq respublikanın SSRİ-dən çıxması ilə əlaqədar məsələlərin həlli qaydası haqqında” 3 aprel 1990-cı il tarixli SSRİ Qanunu çıxış edir.

Erməni tərəfi əmindir ki, “Dağlıq Qarabağ Respublikası”nın yaradılması beynəlxalq hüquq standartları baxımından qüsursuzdur. Onların fikrinə görə, Azərbaycan Respublikası müstəqilliyini əldə etdiyi tarixdə “Dağlıq Qarabağ Respublikası” artıq onun tərkib hissəsi deyildi. Lakin bəsit təhlil belə qeyd olunan “qüsursuzluğ”un hüquqi baxımdan ciddi şübhələr doğurduğunu göstərir.

İlk növbədə qeyd etmək lazımdır ki, 3 aprel 1990-cı il tarixli Qanunun məqsədi müttəfiq respublikaların SSRİ-dən ayrılacağı təqdirdə riayət etməli olduqları xüsusi qaydalar yaratmaqla, SSRİ daxilində qarşılıqlı əlaqələri tənzimləməkdən ibarət idi. Müttəfiq respublikanın ayrılma barədə qərarı həmin respublika əhalisinin referendum yolu ilə azad şəkildə ifadə olunmuş iradəsinə əsaslanmalı idi ki, bu qərar da daha sonra müttəfiq respublikanın ali qanunverici orqanı tərəfindən təsdiq olunmalı idi.

Eyni zamanda, həmin Qanuna əsasən, muxtar qurumları olan müttəfiq respublikalarda referendum qurumların hər birində ayrı-ayrılıqda keçirilməli idi. Bu qurumların əhalisi SSRİ yaxud ayrılan müttəfiq respublika tərkibində qalıb-qalmamaq məsələsi barədə müstəqil qərar vermək, eləcə də özlərinin dövlət-hüquqi statusu məsələsini qaldırmaq hüququna malik idi. 3 aprel 1990-cı il tarixli Qanunda təsbit edilmiş qaydalara riayət olunmalı olduğunu fərz etsək, bir müttəfiq respublikanın SSRİ-dən ayrılma cəhdinin necə nəticələnəcəyini anlamaq çətin deyil. Bu səbəbdən 3 aprel 1990-cı il tarixli Qanunun məhdudlaşdırdığı məhz xalqların öz müqəddəratını təyinetmə kimi hüququn hədsiz istifadəsinin müdafiəçiləri tərəfindən bu Akta istinad edilməsi təəccüb doğurur.

Xüsusilə qeyd etmək lazımdır ki, müttəfiq respublikanın SSRİ-dən ayrılması yalnız mürəkkəb və çoxmərhələli prosedurun yerinə yetirilməsi və nəhayət, SSRİ Xalq Deputatları Sovetinin müvafiq qərarının qəbulundan sonra qanuni hesab edilə bilər.

Bununla belə, Sovet İttifaqı beynəlxalq hüququn subyekti olaraq mövcudluğunu dayandırana kimi sözügedən Qanunun hüquqi qüvvəsi yox idi, çünki heç bir müttəfiq respublika, o cümlədən Azərbaycan və Ermənistan SSRİ-dən ayrılmaq üçün orada təsbit olunmuş qaydalardan istifadə etməmişdi. 26 noyabr 1991-ci il tarixinə kimi DQMV-nin əhatə etdiyi ərazi Azərbaycan Respublikası müstəqilliyini tam əldə edənə və beynəlxalq ictimaiyyət tərəfindən tanınana qədər Azərbaycanın tərkib hissəsi idi.

SSRİ-nin dağılmasından sonra uti possidetis juris beynəlxalq hüquq doktrinası yeni müstəqil dövlətlərin sərhədlərinin milli, regional və beynəlxalq legitimliyinin əsasını təşkil edir.

Sözügedən doktrinaya əsasən, Azərbaycan Respublikası öz müstəqilliyini əldə etdikdən sonra DQMV-nin də daxil olduğu keçmiş Azərbaycan SSR-in inzibati sərhədləri beynəlxalq sərhədlər olaraq tanındı və beynəlxalq hüququn mühafizəsi altına alındı. Bu anlayış Azərbaycan Respublikasının Dağlıq Qarabağ və ətraf ərazilərindəki münaqişə ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının yuxarıda bəhs edilən dörd qətnaməsində də öz əksini tapmışdır.

Xalqların öz müqəddəratını təyinetmə hüququna gəldikdə isə, məlumdur ki, müvafiq beynəlxalq sənədlərdə təsbit edildiyi kimi, bu hüququn təcrübədə reallaşdırılması əslində birtərəfli ayrılmanı deyil, dəqiq müəyyən edilmiş məhdudiyyətlər çərçivəsində beynəlxalq və daxili qanunlara uyğun olaraq həyata keçirilən qanuni prosesi nəzərdə tutur. Sözsüz ki, qeyd olunan münaqişədə öz müqəddəratını təyinetmə məsələsinin həyata keçirilməsində əsas amil ondan ibarətdir ki, Azərbaycan ərazisinin bir hissəsinin qoparılmasına yönəldilmiş bütün fəaliyyət konstitusiyayazidd idi və beynəlxalq hüququn əsas, xüsusilə də güc tətbiq edilməsini və ərazi ələ keçirilməsini qadağan edən qaydalarının pozulması ilə müşayiət olunurdu.

Azərbaycanın öz müqəddəratını təyinetmə hüququna yanaşması onun əsl dəyərindən qaynaqlanır və Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmasının dinc birgə yaşayışı və əməkdaşlığının təmin edilməsini və onların ictimai həyatda iştirakı üçün öz hüquqlarının səmərəli şəkildə, o cümlədən bütün səviyyələrdə legitim regional hakimiyyətin formalaşdırılması yolu ilə reallaşdırılması üçün lazımi şəraitin yaradılmasını nəzərdə tutur.

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi