İQTİSADİ SİYASƏT, SƏNAYE VƏ SAHİBKARLIQ KOMİTƏSİNİN İCLASINDA

17/03/20

Martın 17-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirildi. Komitə sədri Tahir Mirkişili iclası açaraq deputatları parlamentə seçilmələri münasibəti ilə təbrik etdi və gələcək fəaliyyətlərində uğurlar arzuladı.
Komitə sədri bildirdi ki, bu gün dünyada baş verən hadisələr, xüsusən epidemiyanın yayılması iqtisadiyyatda yeni bir reallıq yaratmaqdadır. Hal-hazırda iqtisadi aktivliyin aşağı düşməsi, bir çox xidmət sahələrində, o cümlədən turizm, loqistika, təhsil, digər sahələrdə məhdudiyyətlərin tətbiq olunması dünya iqtisadiyyatında yavaşıma ilə bağlı proqnozların verilməsinə səbəb olmuşdur. Artıq dünya yeni mərhələyə qədəm qoyur və bu mərhələdə əsas məsələ inamın bərpa olunması və stimullaşdırıcı tədbirlərin görülməsi ilə bağlıdır. Diqqətə çatdırıldı ki, Azərbaycanda son illər sürətlə həyata keçirilən sosial-iqtisadi islahatlar ümummilli məqsədlərə xidmət edir. Bu islahatlar qısa zaman ərzində öz nəticəsini verib. Əhalinin maddi rifah halını qorumaq üçün dövlətimizin kifayət qədər imkanları mövcuddur.
Qeyd edildi ki, komitənin qarşısında duran əsas məsələ öz fəaliyyətini  ölkə Prezidentinin Milli Məclisin martın 10-da keçirilmiş plenar iclasında söylədiyi tövsiyələr üzərində qurmaqdır. Tahir Mirkişili söylədi ki, qəbul olunmuş qanunların təftiş olunması, qanunların təkmilləşdirilməsi ilə bağlı təşəbbüslərlə çıxış etmək, qanunların icra mexanizmləri ilə yerlərdə tanış olmaq, toplanan bütün məlumatlarla bağlı vahid mövqedən çıxış etmək məqbul hesab edilir.
Sonra komitə sədri gündəliyi təqdim etdi. Gündəlikdə ilk məsələ V çağırış Milli Məclisin 2019-cu ilin payız sessiyası dövründə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin gördüyü işlər barədə hesabatı və VI çağırış Milli Məclisin 2020-ci ilin yaz sessiyası üçün komitənin qanunvericilik işləri planıdır. Bildirildi ki, yaz sessiyasında 3 sənədin -  “Lombardlar haqqında”, “Kabel televiziyası haqqında” və “Turizm haqqında” qanun layihələrinin müzakirəsi və qəbul edilməsi nəzərdə tutulub.
Deputatlar Vahid Əhmədov, Əli Məsimli, Vüqar Bayramov, Məşhur Məmmədov yaz sessiyasının iş planına bir sıra təkliflər verdilər. Komitə sədri təkliflərə münasibət bildirdi.
Sonra gündəlikdəki qanun layihələrinə baxıldı. Əvvəlcə “Quru limanlar haqqında” Hökumətlərarası Sazişə qoşulmaq barədə qanun layihəsi haqqında məlumat verildi. Qeyd olundu ki, Saziş 2013-cü il noyabrın 7-də Banqkok şəhərində imzalanıb. Sazişdə quru limanların milli proqramlar çərçivəsində və milli qanun və qaydalara uyğun olaraq inkişaf etdirilməsi nəzərdə tutulur. Burada, habelə, Sazişin imzalanması, ratifikasiyası, qəbuletmə, təsdiqetmə və qoşulma, sənədin qüvvəyə minməsi kimi məsələlər tənzimlənir. Eyni zamanda, Sazişin icrası ilə bağlı məsələlərə və təklif olunan düzəlişlərə baxılması üçün quru limanlar üzrə işçi qrupun yaradılması, əsas mətnə və əlavələrə düzəlişlərin edilməsi proseduru, sazişdən çıxma, sazişin qüvvəsinin dayandırılması, mübahisələrin həlli və digər məqamlarla bağlı bəndlər öz əksini tapıb.
Növbəti məsələ - “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Azərbaycan Respublikasının və Türkmənistanın rabitə operatorları tərəfindən Azərbaycan-Türkmənistan marşrutu üzrə Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xətlərinin birgə tikintisi, sahibliyi və istifadəsində müştərək fəaliyyətin təşkili haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi haqqında komitə sədri Tahir Mirkişili məlumat verdi.
Bildirildi ki, sənədə görə, tərəflər Azərbaycan-Türkmənistan marşrutu üzrə Xəzər dənizinin dibi ilə fiber-optik kabel magistralının çəkilməsi və telekommunikasiya sahəsinə sərmayələrin cəlb olunması məqsədilə razılığa gəliblər. Saziş 2019-cu il noyabrın 28-də Aşqabad şəhərində imzalanıb.
Sonra birinci oxunuşda təqdim olunmuş “Təhsil haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunlarda dəyişiklik edilməsi barədə layihəyə baxıldı. Qeyd edildi ki, dəyişikliklər əsasən texniki xarakter daşıyır.
İclasın sonunda qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olundu.

Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Əlaqə | Linklər | Saytın xəritəsi