AZƏRBAYCAN-ABŞ MÜNASİBƏTLƏRİ İNKİŞAF EDİR

12/11/19
Noyabrın 12-də ABŞ-ın bir sıra ştatlarının seçki orqanlarını təmsil edən qanunvericilərdən ibarət nümayəndə heyəti Milli Məclisin Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşdülər.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səməd Seyidov Azərbaycanda gedən islahatlar, ölkəmizin təşəbbüskarı və iştirakçısı olduğu irimiqyaslı layihələr barədə ətraflı məlumatlar verdi. Bildirdi ki, dünyada və regionda gedən neqativ proseslərə baxmayaraq ölkəmizdə sabitlik hökm sürür və ölkə iqtisadiyyatı sürətlə inkişaf edir. 
Azərbaycanın ABŞ-la enerji sahəsində uğurlu əməkdaşlığına toxunan Səməd Seyidov diqqətə çatdırdı ki, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən neft və qaz layihələrini ABŞ daim dəstəkləyib və bu dəstək bu gün də davam edir. 
Söhbət zamanı qonaqlara Azərbaycanda multikulturalizm və tolerantlıq ənənələri barədə də məlumat verilərək bildirildi ki, ölkəmizdə milli və dini tolerantlıqla bağlı vəziyyət, konfessiyalararası dözümlülük, multikultural dəyərlərin təşviqi hər zaman nümunəvi xarakter daşımışdır. Dünyada multikulturalizm mərkəzlərindən biri kimi tanınan Azərbaycan bütün dinlərin həmrəyliyinə çalışan ölkə kimi ad qazanmışdır.
Görüş üçün təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri, Montana Ştatı Senatının sədri Raymond Skott Seyls ABŞ-Azərbaycan münasibətlərinin inkişafı, mədəniyyət və təhsil sahəsində əməkdaşlığın perspektivləri barədə fikirlərini bölüşdü.
Söhbət zamanı Azərbaycanla ABŞ-ın həm federal, həm də ştatlar səviyyəsində mövcud əməkdaşlığının genişləndirilməsinin vacibliyi,  bu istiqamətdə qanunverici orqanların rolu barədə fikir mübadiləsi aparıldı.
Görüşdə Milli Məclisin Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Sahibə Qafarova, Ülviyyə Ağayeva və Asim Mollazadə iştirak edirdilər.

Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi