DAĞISTAN DEPUTATLARI MİLLİ MƏCLİSİN ELM VƏ TƏHSİL KOMİTƏSİNDƏ OLDULAR

12/11/19
Noyabrın 12-də Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri ölkəmizdə səfərdə olan Dağıstan Milli Məclisi sədrinin müavini Kamil Davdiyevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdülər. 
Qonaqları salamlayan Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli bildirdi ki, Azərbaycanla Dağıstan arasında əlaqələr qədim köklərə, ənənələrə və qardaşlıq münasibətlərinə əsaslanır. Bildirdi ki, Milli Məclisdə fəaliyyət göstərən Rusiya ilə parlamentlərarası əməkdaşlıq üzrə işçi qrupu ən böyük və çalışqan qruplardan biridir. 
Komitə sədri qonaqlara Milli Məclisin strukturu, fəaliyyət prinsipləri, elm və təhsil sahəsində qəbul olunmuş qanunlar, ölkəmizin təhsil sistemi, təhsilin pillələri, elm və təhsilə göstərilən dövlət qayğısı barədə ətraflı məlumat verdi. Görüşdə elm və təhsil sahəsində əməkdaşlıq, texniki peşə məktəblərinin fəaliyyəti, yeni yaradılmış ixtisaslar barədə fikir mübadiləsi aparıldı. 
Qonaqpərvərliyə görə minnətdarlığını bildirən Dağıstan Milli Məclisi sədrinin müavini Kamil Davdiyev Dağıstanda Azərbaycanla münasibətlərə xüsusi önəm verildiyini diqqətə çatdırdı. Bildirdi ki, Azərbaycanın böyük oğlu Əziz Əliyev Dağıstanın rəhbəri olarkən dağıstanlılar üçün gördüyü işlər heç vaxt unudulmur, həmişə ehtiramla yad edilir. 
Söhbət zamanı təhsil sahəsində təcrübə mübadiləsi, parlamentlərarası əlaqələrin inkişafı və digər mövzular müzakirə edildi.
Görüşdə Milli Məclisin deputatları Ülviyyə Ağayeva, Kamilə Əliyeva və Sona Əliyeva iştirak edirdilər.

Milli Məclisin
Mətbuat xidməti  

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi