AZƏRBAYCAN-XORVATİYA ƏLAQƏLƏRİ İNKİŞAF EDİR

09/09/19

Sentyabrın 9-da Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Xorvatiya Respublikası Parlamentinin Xorvatiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşdü.
Ziyafət Əsgərov ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərin inkişaf etdirilməsi və dərinləşdirilməsi baxımından bu səfərin mühüm əhəmiyyət daşıdığını qeyd etdi. Bildirdi ki, Azərbaycanla Xorvatiya arasında siyasi əlaqələr yaxşı səviyyədədir, əməkdaşlığa dair  25-ə yaxın sənəd imzalanıb, xüsusilə 2013-cü ildə imzalanmış strateji tərəfdaşlığa dair sənəd bir çox sahələri əhatə edir. Nəzərə çatdırdı ki, inkişaf etməkdə olan ticarət-iqtisadi əlaqələrimizin gücləndirilməsi  üçün kifayət qədər potensial var. Birinci vitse-spiker onu da qeyd etdi ki, gələn il Azərbaycanla Xorvatiya arasında diplomatik münasibətlərin qurulmasının 25 ili tamam olacaq.
Görüşdə Xorvatiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Lyubitsa Maksimçuk təmsil etdiyi parlamentin adından bildirdi ki, biz bütün sahələrdə Azərbaycanla əlaqələri genişləndirmək arzusundayıq. Parlamentlərarası əməkdaşlığın möhkəmlənməsi üçün qarşılıqlı səfərlərin intensivləşməsini vacib sayırıq. Xanım Maksimçuk ikitərəfli münasibətlərin möhkəmlənməsində hər iki ölkənin dövlət başçılarının rolunu xüsusi qeyd etdi.
Sonra nümayəndə heyətinin üzvləri fikirlərini bölüşdülər. Bakının inkişaf tempinə, burada gördükləri tikinti-quruculuq işlərinə heyranlıqlarını bildirdilər.


Milli Məclisin
Mətbuat xidməti


Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi