MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

03/07/19

İyulun 3-də Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərovun İran İslam Şurası Məclisinin nümayəndə heyəti ilə görüşü oldu.
Birinci vitse-spiker qonaqları salamlayaraq bildirdi ki, biz İranla münasibətlərə böyük önəm veririk. Azərbaycan və İran dost və qardaş ölkələrdir. Xalqlarımız arasında tarixi, mədəni və dini bağlılıq mövcuddur.  Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkələrimiz arasında etimadın yüksəlməsində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin rolu böyükdür. Azərbaycan və İran prezidentlərinin qarşılıqlı səfərləri, keçirdikləri görüşlər əlaqələrimizin daha da möhkəmlənməsini sübut edir.
Qeyd edildi ki, siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əlaqələrimiz yüksələn xətlə inkişaf edir. Ölkələrimiz arasında imzalanmış sənədlər əlaqələrimizin hüquqi bazasını təşkil edir. Azərbaycan Cənubi Qafqazın ən inkişaf etmiş dövlətidir. Biz qonşu ölkələrlə mehriban münasibətlər qurmağa çalışırıq.
Ziyafət Əsgərov parlamentlərarası əlaqələrdən söz açaraq, deputatlarımızın qarşılıqlı səfərlərini, beynəlxalq qurumlarda birgə fəaliyyətini təqdir etdi. Bildirildi ki, qanunverici orqanlar arasında əməkdaşlığın genişləndirilməsində hər iki ölkənin parlamentlərindəki  dostluq qruplarının fəaliyyəti böyük əhəmiyyət kəsb edir. Milli Məclisin Sədri Oqtay Əsədovun və  İran İslam Şurası Məclisinin sədri Əli Laricaninin rəsmi səfərləri parlament diplomatiyasının bariz nümunəsidir. 
Parlament Sədrinin birinci müavini diqqətə çatdırdı ki, bu gün bizi bir problem narahat edir – Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması. BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər mötəbər beynəlxalq qurumlarda münaqişənin həlli ilə bağlı müvafiq qərarlar qəbul edilib. Lakin Ermənistan bu qərarlara məhəl qoymur. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı İranın ölkəmizin ərazi bütövlüyünü dəstəklədiyinə görə  təşəkkürünü ifadə etdi.
İran İslam Şurası Məclisinin deputatı Qulamreza Tacgərdun qonaqpərvərliyə görə minnətdarlığını bildirdi. İran parlamentinin Sədri Əli Laricaninin salamlarını Milli Məclisin Sədri Oqtay Əsədova çatdırdı. Onun ötən il Tehrana və Urmiyaya səfərini xoş təəssüratlarla yada saldı. Qonaq Azərbaycanın İrana ən yaxın dost ölkə olduğunu vurğuladı. Ölkəmizlə müxtəlif sahələrində əməkdaşlıqda maraqlı olduqlarını söylədi.
İranlı deputat əlaqələrin inkişafında parlamentlərin rolunu xüsusi qeyd edərək, nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təcrübə və informasiya mübadiləsi baxımından önəmli olduğunu dedi.
Qulamreza Tacgərdun ölkələrimizin iştirak etdiyi Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinin vacibliyindən danışdı. Qeyd edildi ki, bu və digər müştərək layihələrin həyata keçirilməsində parlament öz öhdəsinə düşən vəzifələri yerinə yetirir.
İran parlamentinin üzvü ölkəsinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində daim Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğuladı.
Söhbətdə siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi, parlamentlər səviyyəsində əlaqələrimizin bu günü və gələcək inkişaf perspektivləri, regional münaqişələrin həlli yolları və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Görüşdə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, İranla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədr müavini Eldar İbrahimov, İranın ölkəmizdəki səfiri Cavad Cahangirzadə və digər rəsmi şəxslər iştirak edirdilər.

Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi