ATƏT PA-nın 28-ci İLLİK SESSİYASINDA

02/07/19

Milli Məclis Sədrinin müavini, ATƏT PA-dakı nümayəndə heyətimizin rəhbəri Bahar Muradovanın başçılığı ilə deputatlar Azay Quliyev, Tahir Mirkişili, Kamran Nəbizadə, Ülviyyə Ağayeva və Elşad Həsənov ATƏT Parlament Assambleyasının 28-ci illik sessiyasında iştirak etmək üçün iyulun 3-dən 9-dək Lüksemburqda səfərdə olacaqlar.
“Təhlükəsizliyin möhkəmləndirilməsi naminə dayanıqlı inkişafa dəstək: parlamentlərin rolu” mövzusuna həsr olunan sessiyada öncə Daimi komitə toplaşacaq, sonra plenar iclas başlanacaq.
İyulun 4-də İpək Yoluna Dəstək Qrupunun iclası olacaq. İclasda qurumun fəaliyyətinə dair hesabat dinləniləcək.
Sessiya çərçivəsində ATƏT PA-nın Təhlükəsizlik və siyasi məsələlər, İqtisadi məsələlər, elm, texnika və ətraf mühit, Demokratiya, insan hüquqları və humanitar məsələlər üzrə Ümumi komitələrinin iclasları keçiriləcək, bir sıra qətnamə layihələri müzakirə olunacaq.
İllik sessiyada ATƏT regionunda enerji təhlükəsizliyi, həmçinin bu bölgədə korrupsiyanın aradan qaldırılmasında milli parlamentlərin rolu mövzuları gündəmdə olacaq. ATƏT-in məramlarının reallaşdırılmasında vətəndaş cəmiyyətinin və qeyri-hökumət təşkilatlarının roluna nəzər salınacaq.
Plenar iclasda “İnsan alverinin qarşısının alınması məqsədilə məktəblilər arasında izahat işlərinin aparılması” zərurətindən söhbət açılacaq. Dayanıqlı inkişaf naminə elm, texnika və innovasiya sahəsində strateji proqnozlaşdırmaya diqqət yetiriləcək. Rəqəmsal texnologiya gender siyasəti kontekstində müsbət element kimi araşdırılacaq. Miqrasiya proseslərinin səmərəli tənzimlənməsinə dair fikir mübadiləsi aparılacaq. İqlim dəyişikliyi ilə əlaqədar yaranmış vəziyyət müzakirə olunacaq.
ATƏT PA-nın 28-ci illik sessiyasında təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetiriləcək. Döyüşçü-terrorçuların qayıdışı və yerləşdirilməsindən doğan çağırışlara nəzər salınacaq. Ksenofobiya, aqressiv millətçilik və dözümsüzlüklə mübarizənin gücləndirilməsi vacibliyi önə çəkiləcək. Krım Muxtar Vilayətində və Sevastopol şəhərində militarizasiya, Abxaziya və Cənubi Osetiyada təhlükəsizlik və insan hüquqları sahəsində vəziyyət müzakirə ediləcək.
Milli Məclisin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova və nümayəndə heyətinin üzvləri qurumun bütün iclaslarında fəal iştirak edəcək, Ümumi komitələrdə müzakirəyə çıxarılan məsələlərə ölkəmizin maraqları mövqeyindən münasibət açıqlayacaq, rəy və təkliflərini bildirəcəklər.
Azərbaycan parlamentinin nümayəndə heyəti iyulun 9-da vətənə qayıdacaq.

 

Milli Məclisin
Mətbuat xidməti

 

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi