İRAKLİ KOBAXİDZE: “GÜRCÜSTAN VƏ AZƏRBAYCAN STRATEJİ VƏ ETİBARLI TƏRƏFDAŞDIRLAR”

20/06/19

İyunun 20-də Milli Məclisin Sədri Oqtay Əsədov Gürcüstan Parlamentinin Sədri İrakli Kobaxidzenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.
Spiker qonağı məmnunluqla salamladı, onun Parlamentin sədri qismində Azərbaycana ilk rəsmi səfərinin dost və qardaş ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcəyinə əminliyini söylədi.
Bildirildi ki, Azərbaycan və gürcü xalqlarının dostluğu qədim tarixə malikdir. Biz hər zaman bir-birimizi dəstəkləmişik. Cari ilin payızında Azərbaycan ilə Gürcüstan arasında diplomatik münasibətlərin yaranmasının 27 ili tamam olur. Dövlətlərimiz arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Son illər ərzində yüksək səviyyəli qarşılıqlı səfərlər və görüşlər   daha da intensivləşib. Dövlət başçılarının müxtəlif vaxtlarda həyata keçirdiyi qarşılıqlı səfərlər bunun bariz nümunəsidir.
Təqdirəlayiq haldır ki, Azərbaycanla Gürcüstan arasında güclü hüquqi baza mövcuddur. Ölkələrimiz arasında 100-dən artıq sənəd imzalanıb, 16 sənəd isə baxılmaqdadır. Eyni zamanda iqtisadi sahədə qarşılıqlı faydalı əməkdaşlıq inkişaf edir. Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsinin həcmi 2018-ci il üzrə 580 mln. ABŞ dolları  təşkil edib. 2019-cu ilin yanvar-aprel aylarına bu göstərici 243 mln. ABŞ dolları olub. Azərbaycan Gürcüstan iqtisadiyyatına yatırımlar edən ən iri investorlardan biridir.
Sədr dedi ki, Gürcüstan ölkəmiz tərəfindən həyata keçirilən  irimiqyaslı beynəlxalq enerji layihələrinin fəal iştirakçısıdır. Bu gün Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri layihələrinin uğurla reallaşdırılması həm bizim, həm də digər dövlətlərin iqtisadi inkişafı baxımından mühüm əhəmiyyətə malikdir. TANAP və TAP layihələri Avropanın enerji təhlükəsizliyində önəmli rol oynayır. Biz nəqliyyat sahəsində birgə layihələr həyata keçiririk. Tarixi İpək yolunun mühüm hissəsini təşkil edən Bakı-Tbilisi-Qars dəmiryolu xətti ölkələrimiz üçün böyük gəlir gətirəcək.
Milli Məclisin Sədri Gürcüstana son səfərini, bu ölkənin yeni seçilmiş Prezidentinin inauqurasiya mərasimində iştirakını xoş təəssüratlarla xatırlayaraq, orada SOCAR-ın önəmli işlər gördüyünün şahidi olduğunu söylədi.
Oqtay Əsədov vurğuladı ki, Ali qanunverici orqanlarımız  dövlətlərarası münasibətlərin inkişafında mühüm rol oynayır. Hər iki ölkənin parlamentlərində dostluq qrupları fəaliyyət göstərir, nümayəndə heyətlərimizin mütəmadi qarşılıqlı səfərləri həyata keçirilir. Parlament komitələri arasında da sıx  əlaqələr mövcuddur. O, ötən ilin fevral ayında Türkiyədə keçirilmiş Azərbaycan, Gürcüstan və Türkiyə Parlamentlərinin Xarici əlaqələr komitələrinin III iclasını qeyd edərək, bu formatda əməkdaşlığı təqdir etdi. Bildirildi ki, deputatlarımız həmçinin mötəbər beynəlxalq parlament qurumları çərçivəsində, o cümlədən AŞPA, ATƏT PA, NATO PA, QDİƏT PM, GUAM PA-da əməkdaşlıq edir, bir-birilərinin mövqelərini dəstəkləyirlər.
Azərbaycan parlamentinin Sədri böyük təəssüf hissi ilə söylədi ki, hər iki ölkə ərazi bütövlüyümüzə təhlükə yaradan separatizmlə üzləşib. İnanırıq ki, regional münaqişələr, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları çərçivəsində, dövlətlərin  ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri əsasında öz ədalətli həllini tapacaq.
Gürcüstan Parlamentinin Sədri İrakli Kobaxidze səmimi görüşə görə minnətdarlığını ifadə etdi. Səfərdən məmnun olduğunu deyən qonaq, bildirdi ki, bu gün Gürcüstan və Azərbaycan strateji və etibarlı tərəfdaşdırlar. İki ölkə arasında münasibətlərin inkişafında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xidmətləri böyükdür. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün əlaqələrimiz dinamik inkişaf edir.
Ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlıq önəmlidir. Siyasi sahədə həm ikitərəfli, həm də beynəlxalq səviyyədə yaxşı münasibətlər qurulub. Azərbaycan və Gürcüstan bir-birlərinin ərazi bütövlüyünə hörmətlə yanaşırlar. İnanırıq ki, münaqişələr sülh yolu ilə həll olunacaq. Ölkələrimiz üçün sülh və stabillik böyük əhəmiyyətə malikdir. Biz Avropa Şurasında, QDİƏT-də əməkdaşlıq edirik, bir-birimizin maraqlarını dəstəkləyirik.
Siyasi sahədə münasibətlərin inkişafında parlamentlərarası əlaqələr çox vacibdir. Dostluq qrupları, komitələr, habelə parlament Aparatları arasında əməkdaşlıq bu istiqamətdə mühüm rol oynayır. Qanunverici orqanlar arasında əlaqələrin gücləndirilməsində, informasiya və təcrübə mübadiləsi baxımından nümayəndə heyətlərinin qarşılıqlı səfərləri çox əhəmiyyətlidir.
Gürcüstan Parlamentinin Sədri iqtisadi sahədə əlaqələrə toxunaraq, enerji və nəqliyyat sahələrində, o cümlədən Azərbaycan, Gürcüstan və Türkiyənin iştirakı ilə həyata keçirilən üçtərəfli layihələrin önəmli olduğunu qeyd etdi. Diqqətə çatdırıldı ki, Azərbaycan investorları Gürcüstanda geniş şəkildə təqdim olunublar. Azərbaycan şirkətlərinin səmərəli fəaliyyəti üçün münbit şərait yaradılıb. Qeyd edildi ki, mədəniyyət, təhsil, turizm sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş potensial imkanlar mövcuddur. Əlaqələrimiz dostluq və qarşılıqlı hörmətə söykənir. Bu dostluğa heç bir qüvvə təsir edə bilməz.
Görüşdə Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov, Sədr müavini Bahar Muradova, parlament Aparatının rəhbəri Səfa Mirzəyev, Gürcüstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Əflatun Amaşov, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Gürcüstan parlamentinin deputatları və digər rəsmi şəxslər iştirak edirdilər.

Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi