MİLLİ MƏCLİSİN NÖVBƏDƏNKƏNAR SESSİYASI İŞƏ BAŞLADI

13/06/19
İyunun 13-də Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclası keçirildi. 
Milli Məclisin Sədri Oqtay Əsədov növbədənkənar sessiyanı açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Sədr  bildirdi ki, iyunun 13 və 14-də keçiriləcək iclasların gündəliyinə 36 məsələ daxildir.
“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (ikinci oxunuş) parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri  Əli Hüseynli məlumat verərək bildirdi ki, bu dəyişikliklər barədə birinci oxunuşda geniş məlumat verilib. Dəyişikliklər uyğunlaşdırma xarakteri daşıyır. Sənəd səsverməyə çıxarılaraq ikinci oxunuşda qəbul edildi.
“Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (ikinci oxunuş) da Əli Hüseynli məlumat verdi. Bildirdi ki, təklif edilən dəyişikliklər “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun və Milli Məclisin Daxili Nizamnaməsinə edilmiş dəyişikliklərin icrası ilə bağlıdır.
Layihələr səsverməyə qoyularaq qəbul edildi.
“Hesablama Palatası haqqında” Qanuna dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanuna dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verdi. Bildirdi ki, bu dəyişikliklər “Büdcə sistemi haqqında” Qanuna uyğunlaşdırma xarakteri daşıyır və ikinci oxunuşdan sonra heç bir yeni təklif daxil olmayıb. Qanun layihələri üçüncü oxunuşda təsdiqləndi.   
Ziyad Səmədzadə “Dövlət rüsumu haqqında” Qanuna dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) məlumat verərək diqqətə çatdırdı ki, bu dəyişiklik Azərbaycan vətəndaşlarına fərqli giriş vizaları tətbiq edən ölkələrin fərqləndirilməsinə, eyni zamanda Azərbaycana giriş üçün tətbiq olunan vizaya görə rüsumun həmin ölkədə tətbiq olunan rüsumlarla uzlaşdırılmasına (eyniləşdirilməsinə) xidmət edəcəkdir. Bu dəyişiklik də səsvermə ilə təsdiqləndi.   
Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş) Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verdi. Bildirdi ki, bu dəyişiklik əməyin mühafizəsi ilə bağlı aparılan islahatlarla əlaqədardır və ikinci oxunuşdan sonra yeni təklif daxil olmayıb. Bu dəyişiklik də təsdiqləndi. 
İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin məlumatından sonra “Yol hərəkəti haqqında”, “Milli arxiv fondu haqqında”, “Avtomobil yolları haqqında” və “Mədəniyyət haqqında” qanunlara dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) və 
İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş) məsələlər səsə qoyularaq qəbul edildi. 
Deputatlar “Qiymətli kağızlar bazarı haqqında” və “Banklar haqqında” qanunlara da dəyişikliklər etdilər.  
Bildirildi ki, İnzibati Xətalar Məcəlləsinə təklif olunan digər bir dəyişiklikdə (birinci oxunuş) maliyyə bazarlarına nəzarət orqanına haqların ödənilməməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi nəzərdə tutulur. Bu dəyişiklik də birinci oxunuşda  təsdiqləndi.   
“Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında”, “Dövlət rüsumu haqqında”, “Baytarlıq haqqında”, “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunlara dəyişiklik edilməsi barədə (ikinci oxunuş) Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov məlumat verdi. Bildirdi ki, dəyişikliklər dövlət baytarlıq xidməti ilə dövlət baytarlıq nəzarətinin bir-birindən fərqləndirilməsi və onların sərhədlərinin dəqiq müəyyən edilməsi, həmçinin idxal, ixrac və transit zamanı heyvan mənşəli qida məhsullarına nəzarət sahəsində səlahiyyətlərin dəqiqləşdirilməsi məqsədilə hazırlanmışdır. Dəyişikliklər səsə qoyularaq ikinci oxunuşda qəbul edildi.    
Sonra bildirildi ki, Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi haqqında (ikinci oxunuş) məsələlər “Dövlət satınalmaları haqqında” qanuna edilmiş dəyişikliklərin tətbiqi ilə bağlıdır və səsə qoyularaq təsdiqləndi.  
“Dövlət rüsumu haqqında” və “Təhsil haqqında” qanunlara dəyişiklik edilməsi barədə (ikinci oxunuş) məlumat verən komitə sədrləri Ziyad Səmədzadə və İsa Həbibbəyli diqqətə çatdırdılar ki, birinci qanuna dəyişiklik təhsil müəssisələrinin akkreditasiyadan keçirilməsinə görə tutulan dövlət rüsumunun məbləğlərini müəyyən edir. İkinci qanuna dəyişiklik isə “Lisenziyalar və icazələr haqqında” Qanuna uyğunlaşdırma məqsədi daşıyır. Bu dəyişikliklər də təsdiqləndi.   
Sonra Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirdi ki, “Aqrar sığorta haqqında” qanun layihəsi (ikinci oxunuş), “Sığorta fəaliyyəti haqqında” qanuna dəyişiklik edilməsi barədə (ikinci oxunuş) və “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilməsi barədə (ikinci oxunuş) məsələlər Milli Məclisə eyni zərfdə daxil olub. “Aqrar sığorta haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsindən sonra layihəyə 14 yeni bənd əlavə olunub, bir sıra dəyişikliklər edilib. Bu qanun ölkəmizdə aqrar sahədə risklərin müştərək sığorta mexanizmi vasitəsilə sığortalanmasına dair münasibətləri tənzimləyəcək, aqrar sığortanın hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edəcəkdir. Digər iki qanuna ediləcək dəyişikliklər isə “Aqrar sığorta haqqında” qanunun tətbiqi ilə bağlıdır. Sonra qanun layihələri səsə qoyularaq qəbul edildi.   
İclasda Vergi Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi haqqında (ikinci oxunuş), “Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə, “Büdcə sistemi haqqında”, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında”, “Banklar haqqında”, “Mühasibat uçotu haqqında” və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanunlara (ikinci oxunuş) uyğunlaşdırma xarakterli dəyişikliklər edildi.   
Miqrasiya Məcəlləsinə dəyişiklik edilməsi haqqında (ikinci oxunuş) məsələni şərh edən komitə sədri Əli Hüseynli bildirdi ki, bu dəyişikliklər məcəllənin təkmilləşdirilməsi, onun tətbiqi zamanı yaranan bəzi çətinliklərin aradan qaldırılması məqsədilə hazırlanıb. 
“Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilməsi barədə (ikinci oxunuş)  məlumat verən komitə sədri Ziyad Səmədzadə isə diqqətə çatdırdı ki, bu dəyişiklik əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsinə və müddətlərin uzadılmasına görə dövlət rüsumlarının məbləğlərini müəyyən edəcək. Hər iki qanuna təklif olunan dəyişikliklər səsə qoyularaq qəbul edildi. 
İclasda “Kredit ittifaqları haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) də qəbul edildi. 
Sonra məlumat verildi ki, “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik edilməsi barədə (birinci oxunuş), Mülki Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında (birinci oxunuş), Cinayət-Prosessual Məcəlləsinə dəyişiklik edilməsi haqqında (birinci oxunuş) və İnzibati Prosessual Məcəlləsinə dəyişiklik edilməsi haqqında (birinci oxunuş) məsələlər Milli Məclisə eyni zərfdə daxil olub. Bu dəyişikliklər Azərbaycan Respublikası  Prezidenti tərəfindən imzalanmış Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında 3 aprel 2019-cu il tarixli fərmanın icrası ilə əlaqədar hazırlanmışdır.
Bu dəyişikliklər də ayrı-ayrılıqda səsə qoyularaq qəbul edildi.
İclasda müxtəlif məsələlər barədə çıxış edən deputatlar Tahir Kərimli, Qüdrət Həsənquliyev, Rəşad Mahmudov və Əhliman Əmiraslanov fikirlərini bildirdilər, qeyd və təkliflərini verdilər.  
Bununla da Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclası başa çatdı.


     Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi