MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

11/06/19

İyunun 11-də Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan ATƏT Parlament Assambleyasının sədri Georgi Tsereteli ilə görüşdü.
Spiker qonağı salamlayaraq, belə yüksək səviyyəli səfərlərin gələcəkdə də davamlı olacağına ümidvar olduğunu bildirdi. Qəbulda qeyd edildi ki, qonaq ATƏT PA ilə əməkdaşlıq çərçivəsində Milli Məclisin təşkilatçılığı ilə Bakıda keçiriləcək “Regional təhlükəsizlik və əməkdaşlıq üzrə parlament konfransında” iştirak edəcək. Tədbirin əsas məqsədi Azərbaycan, Almaniya və Türkiyə deputatlarından ibarət “Bakı Dialoq və Əməkdaşlıq Platforması” yaratmaqdır. Bu platforma çərçivəsində təhlükəsizliyə təhdid yaradan amillərin qarşısının alınması yolları, qarşılıqlı inam və dialoqun gücləndirilməsi, əməkdaşlığın keyfiyyətcə yeni səviyyəyə qaldırılması məsələləri müzakirə olunacaqdır.
Spiker Georgi Tsereteliyə ATƏT PA-nın yay sessiyası çərçivəsində qurumun sədri vəzifəsinə keçiriləcək seçkilərdə uğurlar arzuladı. Bildirildi ki, Azərbaycan 25 ildən artıqdır ki, ATƏT-in üzvüdür və bu qurumla əməkdaşlığın daha da dərinləşməsinə önəm verir. Milli Məclislə ATƏT PA arasında münasibətlərin inkişafında yüksək səviyyəli səfərlər əhəmiyyətli rol oynayır. Sədr təşkilata üzv dövlətlərin üzləşdiyi problemlərin həllində qurumun gələcəkdə daha yaxından iştirak edəcəyinə, qətiyyətli və ədalətli mövqe sərgiləyəcəyinə inamını ifadə etdi.
Görüşdə Milli Məclisin Sədri Azərbaycanın Avropanın enerji təhlükəsizliyi arxitekturasına verdiyi töhfələrdən, beynəlxalq nəqliyyat marşrutlarının inkişafında oynadığı roldan danışdı. Qonağın təmsil etdiyi Gürcüstanla əməkdaşlığımızın inkişaf perspektivlərindən söz açdı.
Səmimi qəbul üçün minnətdarlığını bildirən ATƏT PA-nın sədri Georgi Tsereteli ölkəmizə səfərindən və növbəti dəfə Milli Məclisdə olmağından məmnunluğunu  bildirdi.  Qonaq qeyd etdi ki, onun təmsil etdiyi təşkilatla Azərbaycan arasında əməkdaşlığın dərinləşməsində belə qarşılıqlı səfərlər mühüm rol oynayır. ATƏT PA Cənubi Qafqazın bu bölgəsi ilə əlaqələrin daha da dərinləşməsinə böyük maraq göstərir. ATƏT məkanında mövcud problemlərin çözülməsində qarşılıqlı  dialoqun aparılması vacib məsələlərdəndir. O, ümidvar olduğunu bildirdi ki, gələcəkdə də təmsil etdiyi təşkilat bu sahədə səylərini əsirgəməyəcək.
Qonaq ATƏT PA-da Gürcüstan nümayəndəsi kimi xalqlarımız arasında əsrlər boyu mövcud olan dostluğun bundan sonra daha da möhkəmlənəcəyinə inamını söylədi.  O, səfər çərçivəsində Bakıda keçiriləcək konfransda iştirakı və tədbirin əhəmiyyəti barədə fikirlərini açıqladı.
Qəbulda tərəfləri maraqlandıran məsələlər ətrafında danışıldı.
Görüşdə Milli Məclisin Sədr müavini, ATƏT PA-da nümayəndə heyətimizin rəhbəri Bahar Muradova iştirak edirdi.

Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi