İQTİSADİ SİYASƏT, SƏNAYE VƏ SAHİBKARLIQ KOMİTƏSİNDƏ

04/06/19
Mayın 4-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirildi. 
Komitənin sədri Ziyad Səmədzadə bildirdi ki, gündəliyin birinci məsələsi “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” (ikinci oxunuş) qanun layihəsidir. Komitə sədri vurğuladı ki, 2018-ci ilin büdcəsi əvvəlki illərin büdcəsinə nisbətən daha yaxşı makroiqtisadi mühitdə formalaşıb. 2018-ci il uğurlu il olub və onun  büdcəsi ən yüksək səviyyədə icra olunub. 
Sonra çıxış edən maliyyə nazirinin müavini Azər Bayramov bildirdi ki, layihənin Milli Məclisin plenar iclasında birinci oxunuşda müzakirəsi zamanı bir sıra təkliflər səslənib, onların bir qismi nəzərə alınıb. İnvestisiya yönümlü bir sıra təkliflərin isə gələn ilin büdcəsində nəzərə alınması gözlənilir.
Çıxış edən komitə üzvləri Vahid Əhmədov, Əli Məsimli, Xanhüseyn Kazımlı, Tahir Mirkişili, Aydın Hüseynov 2018-ci ilin büdcəsinin icra göztəricilərini yüksək qiymətləndirdilər. Bildirdilər ki, 2018-ci ilin nailiyyətləri 2019-cu ilin ilk aylarında özünü göstərməyə başlayıb.
Müzakirələrdən sonra    “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi ikinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olundu.
İclasda Milli Məclisə eyni zərfdə daxil olmuş “Aqrar sığorta haqqında” qanun layihəsi (ikinci oxunuş), “Sığorta fəaliyyəti haqqında” və “Dövlət rüsumu haqqında” qanunlara dəyişikliklər edilməsi barədə məsələlər də (ikinci oxunuş) müzakirə olundu.
 Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova “Aqrar sığorta haqqında” qanunun Milli Məclisin plenar iclasında birinci oxunuşda müzakirəsindən sonra nəzərə alınmış təkliflər barədə məlumat verdi, layihəyə edilmiş dəyişiklikləri diqqətə çatdırdı. 
Parlamentə eyni zərfdə daxil olmuş hər üç məsələ müzakirələrdən sonra ikinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olundu.
İclasda “Dövlət rüsumu haqqında” və “Təhsil haqqında” qanunlara dəyişiklik edilməsi barədə (ikinci oxunuş) və “Texniki tənzimləmə haqqında” (üçüncü oxunuş) qanun layihəsi də parlamentin plenar iclasında müzakirəyə tövsiyə edildi.
Bununla da İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası başa çatdı.

Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi